Книга - Məhv olmuş gəmilər adası

a
A

Məhv olmuş gəmilər adası
Aleksandr Belyayev


Dünya ədəbiyyatından seçmələr
Bu macəra romanı “Benjamin Franklin” adlı gəminin qəza nəticəsində əsrlər boyu qəzaya uğramış gəmilərdən yaranan naməlum bir adaya gəlib çıxmasından bəhs edir.





Aleksandr Belyayev

Məhv olmuş gəmilər adası





BİRİNCİ HİSSƏ





Göyərtədə


Genuya limanında dayanmış “Veniamin Franklin” adlı böyük transatlantik paroxod yola düşmək üzrə idi. Sahildə həmişəki canlanma vardı; müxtəlif dillərdə danışan qarışıq izdihamın səs-küyü eşidilirdi, paroxoda isə insanları uzun səyahət qabağı bürüyən gərgin, əsəbi sakitlik çökmüşdü. Yalnız üçüncüdərəcəli göyərtədəki sərnişinlər tələsə-tələsə yerlərini tutur və əşyalarını yerbəyer eləyirdilər. Birincidərəcəli göyərtədəkilər isə bu qələbəliyi yuxarıdan sakitcə müşahidə edirdilər.

Paroxod son dəfə guruldayıb havanı lərzəyə gətirdi. Matroslar tələsik gəmi ilə sahili birləşdirən körpünü qaldırmağa başladılar.

Bu zaman körpüyə iki nəfər yaxınlaşdı. Arxada gələn əli ilə matroslara işarə etdi, onlar da körpünü endirdilər.

Gecikmiş sərnişinlər göyərtəyə çıxdılar. Şıq geyinmiş, qədd-qamətli və enlikürək gənc əllərini geniş paltosunun cibinə salıb cəld kayutlara tərəf addımladı. Onun hamar qırxılmış üzü tamamilə sakit idi. Ancaq diqqətli olan kəs naməlum adamın çatılmış qaşlarından və xəfif, istehzalı təbəssümündən bu sakitliyin süni olduğunu hiss edə bilərdi. Onun ardınca daban-dabana ortayaşlı kök bir adam gəlirdi. Şlyapası peysərinə çəkilmişdi. Tərli, ətli üzü dişində siçan gətirən pişiyin üzü kimi həm yorğunluq, həm də həzz və gərginlik ifadə edirdi. O, gözünü yoldaşından bir saniyə də olsun çəkmirdi.

Gəminin göyərtəsində, körpünün yaxınlığında ağ donlu gənc bir qız dayanmışdı. Onun baxışları bir anlıq qabaqda gedən gecikmiş sərnişinin nəzərləri ilə qarşılaşdı.

Bu qəribə cütlük keçib-gedən kimi miss Kinqman adlı ağ donlu qız, körpünü yığışdıran matrosun başı ilə uzaqlaşan sərnişinlərə işarə edib yoldaşına dediklərini eşitdi:

– Gördün? Köhnə tanışımız, Nyu-York xəfiyyəsi Cim Simpkins yenə də fırıldaqçı tutub.

– Simpkins? – o biri matros cavab verdi. – O axı xırda ov dalınca getmir.

– Hə, bax gör necə geyinib. Allah bilir, hansı bank seyfləri ilə məşğul olan mütəxəssisdir.

Miss Kinqmanı vahimə basdı. Onunla bir paroxodda düz Nyu-Yorka kimi cinayətkar, bəlkə də, qatil gedəcəkdir. O, indiyədək bu müəmmalı və təhlükəli adamların portretlərini yalnız qəzetlərdə görmüşdü.

Miss Kinqman tələsik yuxarı göyərtəyə çıxdı. Burada, öz mühitinin adamları arasında özünü nisbətən təhlükəsizlikdə hiss edirdi. Rahat, hörmə kresloya söykənən miss Kinqman şəhər səs-küyündən yorulmuş əsəblər üçün ən yaxşı dərman olan fəaliyyətsiz dəniz seyrinə daldı. Çadır onun başını günün qızmar şüalarından qoruyurdu. Kreslolar arasındakı iri çəlləklərə qoyulmuş palmaların yarpaqları başı üzərində asta-asta tərpənirdi. Haradansa yan tərəfdən bahalı tütün ətri gəlirdi.

– Cinayətkar. Kimin ağlına gələrdi? – hələ də körpünün yanındakı görüşü xatırlayan miss Kinqman pıçıldadı. Xoşagəlməz təəssüratdan tamamilə yaxa qurtarmaq üçün fil sümüyündən düzəldilmiş, qapağında güllər nəqş olunmuş balaca, qəşəng papiros qabını çıxarıb siqaret çəkməyə başladı. Göy tüstü burumları yuxarı, palma yarpaqlarına tərəf qalxdı.

Paroxod limandan ehtiyatla çıxıb yola düşdü. Adama elə gəlirdi ki, o sanki yerində dayanıb, ətrafdakı mənzərələr isə fırlanan səhnənin köməyi ilə hərəkət edir. Budur, bütün Genuya paroxodun bortuna tərəf döndü, elə bil gedənlərə sonuncu dəfə görünmək istəyirdi. Ağ-ağ evlər dağlardan qaçışıb qoyun sürüsü suvata yığılan kimi sahilyanı zolağın yanında sıxlaşdı.

Onların üzərində isə bağ və şam ağaclarının yaşıl ləkələri ilə əhatə olunmuş sarı-qəhvəyi zirvələr yüksəlirdi. Amma budur, kimsə dekorasiyanı dəyişdi. Göz önündə körfəzin bir guşəsi – şəffaf mavi suyun büllur kimi səthi açıldı. Ağ yaxtalar sanki mavi səmanın yerə düşmüş bir hissəsi üzərində dayanmışdı – şəffaf sudan gəmilərin bütün cizgiləri belə aydın görünürdü. Suyun dibində, ağ qumun üzərindəki sarımtıl daşların və xırda yosunların arasında saysız-hesabsız balıq sürüləri dolaşırdı. Getdikcə suyun göylüyü artdı, dib görünməz oldu…

– Miss, kayutumuz xoşunuza gəldimi?

Miss Kinqman dönüb baxdı. Qarşısında öz fəaliyyət dairəsinə ən “bahalı” sərnişinlərə nəvazişli diqqət göstərməyi daxil etmiş kapitan dayanmışdı.

– Təşəkkür edirəm, mister…

– Braun.

– Əladır, mister Braun. Biz Marselə girəcəyik?

– Birinci dayanacağımız Nyu-Yorkdur. Amma ola bilsin ki, Cəbəlüttariq boğazında bir neçə saat ləngiyək. Siz Marseldə olmaq istərdiniz?

– Ah, yox, – miss Kinqman tələsik, hətta qorxa-qorxa dedi. – Avropa məni çox bezikdirib. – Bir az susub soruşdu: – Deyin görək, kapitan, bizim paroxodda… cinayətkar var?

– Hansı cinayətkar?

– Həbs olunmuş…

– Ola bilsin ki, hətta bir neçə cinayətkar var. Adi haldır. Axı bu camaat Avropa məhkəməsindən Amerikaya, Amerika məhkəməsindən isə Avropaya qaçmağa adət edib. Amma xəfiyyələr bu azmış qoyunları təqib edib vətənlərinə qaytarırlar. Onlar olan paroxodda təhlükəli heç nə yoxdur, tamamilə sakit ola bilərsiniz. Onları ona görə qandalsız aparırlar ki, camaatın diqqətini cəlb etməsinlər. Amma kayutda qandallarını dərhal taxıb onları çarpayıya bağlayırlar.

– Bu ki dəhşətdir, – miss Kinqman həyəcanla dedi.

Kapitan çiyinlərini çəkdi.

Bu həyəcana səbəb olan o qeyri-müəyyən hissi nə kapitan, nə də miss Kinqman özü başa düşdü. İnsanların vəhşi heyvan kimi zəncirlənməsi dəhşətlidir. Kapitan belə düşünsə də, bunu ağıllı ehtiyat tədbiri hesab edirdi.

Çox təəssüf ki, cinayətkara çox az oxşayan və öz mühitinin adamlarından heç nə ilə fərqlənməyən bu cavan oğlan yolboyu boğanaq kayutda əl-qolu bağlı qalacaqdır. Miss Kinqmanı həyəcanlandıran bu dumanlı, şüuraltı fikir idi.

O, siqaretinə dərin bir qullab vurub sükuta qərq oldu. Kapitan hiss edilmədən miss Kinqmandan aralandı. Təmiz dəniz havası onun ağ ipək şərfinin ucu və şabalıdı saçları ilə oynayırdı.

Limandan bir neçə mil aralı olsa da, çiçəkləyən maqnoliyanın ətri buraya Genuya sahillərinin son salamı kimi gəlib çatırdı. Nəhəng paroxod yorulmadan mavi səthi yarır, arxasınca uzaq, dalğalı iz qoyurdu. Sırığabənzər dalğalar isə dənizin hamar səthində yaranmış kəsiyi yamamağa tələsirdi.




Təlatümlü gecə


– Bu da şah. Şah və mat.

– Ax, sizi görüm köpəkbalığı udsun! Siz çox ustalıqla oynayırsınız, mister Qatlinq, – məşhur Nyu-York xəfiyyəsi Cim Simpkins bunu deyib məyus halda sağ qulağının ardını qaşıdı. – Hə, siz əla oynayırsınız, – deyə sözünə davam etdi. – Amma mən yenə də sizdən yaxşı oynayıram. Məni şahmatda uddunuz, ancaq mən, Qatlinq, siz orada, Genuyada şahmat şahı kimi dağılmış evin ən uzaq küncündə gizlənən zaman sizi yaxşıca şah və mat elədim! Məndən gizlənmək istəyirdiniz? Əbəs yerə! Cim Simpkins axtardığını dənizin dibindən də tapar. Bu da sizə şah və mat, – deyib özündənrazı halda stula söykənib siqaret yandırdı.

Recinald Qatlinq çiyinlərini çəkdi.

– Sizin piyadalarınız lap çox idi. Siz bütün Genuya polisini ayağa qaldırıb düzgün pusqu qurdunuz. Rəqibinin bütün fiqurlarına qarşı əlində bircə şah fiquru olan heç bir şahmatçı uda bilməz. Bundan başqa, mister Cim Simpkins, bizim oyunumuz hələ… bitməyib.

– Eləmi güman edirsiniz? Bu qandal sizi hələ sakitləşdirməyib? – deyə xəfiyyə Qatlinqin sol əlini çarpayının metal milinə bağlamış yüngül, lakin möhkəm qandala toxundu.

– Siz dahi adamların çoxu kimi sadəlövhsünüz. Məgər qandal məntiqi sübutdur? Amma gəlin fəlsəfəyə girişməyək.

– Və oyunumuza qayıdaq. Mən revanş tələb edirəm, – Simpkins sözünü tamamladı.

– Çətin ki bunu edə bilək. Yırğalanma güclənir, biz oyunu bitirməzdən əvvəl fiqurları qarışdıra bilər.

– Bunu da məcazi mənada başa düşək? – Simpkins fiqurları düzə-düzə soruşdu.

– Necə istəyirsiniz, elə də başa düşün.

– Hə, yırğalanma xeyli güclənib, – deyə o, bir gediş etdi.

Kayutun içi isti və boğanaq idi. O, su xəttindən aşağıda, güclü ürək kimi döyünüb yaxın kayutların divarlarını silkələyən və ritmik səslə dolduran maşın şöbəsinin yaxınlığında yerləşirdi. Oyunçular şahmat taxtasının tarazlığını saxlamağa çalışaraq sükuta qərq olmuşdular.

Yırğalanma getdikcə güclənirdi. Tufan əməlli-başlı qızışmışdı. Paroxod sol böyrü üstə çökür, yavaş-yavaş qalxır, sonra yenidən çökürdü. Elə bil sərxoş olmuşdu.

Fiqurlar dağıldı. Simpkins döşəməyə yıxıldı. Qatlinqi qandal saxladı, amma “bilərzik” olan qolu biləkdən bərk dartıldı.

Simpkins deyinə-deyinə döşəməyə oturdu.

– Bura möhkəmdir, bilirsiniz, Qatlinq, mənim halım pisdir… səbəbi… dəniz xəstəliyidir. Ömrümdə belə güclü yırğalanma ilə rastlaşmamışam. Uzanıram. Amma… əgər halım pisləşərsə, siz qaçmazsınız ki?

– Mütləq, – Qatlinq taxtda yerini rahatlayıb cavab verdi. – Qandalı qırıb qaçacam… özümü dalğaların qoynuna atacağam. Köpəkbalıqlarının əhatəsində olmağı üstün tuturam…

– Zarafat edirsiniz, Qatlinq, – Simpkins sürünə-sürünə taxta çatdı, ufuldaya-ufuldaya uzandı. Heç yerini rahatlamağa macal tapmamış bütün paroxodu lərzəyə gətirən güclü təkan onu çarpayıdan bir də yerə atdı. Haradasa nəsə çartıldayır, cingildəyir, guruldayır, uğuldayırdı. Yuxarıdan eşidilən çığırtılar və ayaq səsləri bu səs-küyü batırdı, qəfildən hamını yuxarı səsləyən həyəcan siqnalı eşidildi.

Simkins yorğunluq və zəifliyini dəf edib divardan tuta-tuta qapıya tərəf getdi. O, bərk qorxmuşdu, amma bunu yoldaşından gizləməyə çalışırdı.

– Qatlinq! Orada nəsə olub. Mən baxmağa gedirəm. Bağışlayın, amma gərək sizi burada bağlayam, – Simpkins qışqırdı.

Qatlinq xəfiyyəyə nifrətlə baxıb cavab vermədi.

Yırğalanma davam edirdi, hətta belə bir yırğalanmada da paroxodun burun hissəsindən yavaş-yavaş batdığını hiss etmək olurdu.

Bir neçə dəqiqə sonra Simpkins qapının ağzında göründü. Plaşından su axırdı. Xəfiyyənin üzü artıq gizlətmək istəmədiyi dəhşətdən tanınmaz hala düşmüşdü.

– Qəza… Batırıq… Paroxod xəsarət alıb… Hərçənd heç kəs dəqiq heç nə bilmir… Qayıqları hazırlayırlar… xilasedici kəmərləri geyinmək əmri verilib… Amma hələ heç kəsi qayığa minməyə qoymurlar… Deyirlər, gəminin yüngül arakəsmələri var, əgər bir çarə tapsalar, bəlkə də, batmayacaq… Sərnişinlər isə onları qayıqlara buraxmayan matroslarla dalaşırlar. Bəs mənə, mənə nə etməyi əmr edirsiniz? – Qatlinqin üstünə elə bir tərzdə atılıb çığırdı ki, elə bil bütün olanların günahkarı o idi. – Bəs indi mən neyləyim? Canımı qurtarım, yoxsa sizə göz qoyum? Biz ayrı-ayrı qayıqlara düşə bilərik, yəqin ki, siz də qaçacaqsınız.

– Bəs bu sizi sakitləşdirmir? – Qatlinq əlindəki qandalı göstərib istehza ilə soruşdu.

– Lənət şeytana, mən sizinlə qala bilmərəm axı.

– Bir sözlə, siz özünüzü, məni və mənim tutulmağım üçün sizə söz verilən on min dolları xilas etmək istəyirsiniz? Bu çətin vəziyyətinizə acıyıram, amma heç bir köməklik göstərə bilmərəm.

– Bilərsiniz, bilərsiniz… Qulaq asın, əzizim, – Simpkinsin səsində yaltaqlıq duyuldu, özü sədəqə istəyən dilənçi kimi büzüşdü, – söz verin… bircə söz verin ki, sahilə çıxan kimi qaçmayacaqsınız, mən bu dəqiqə qolunuzdakı qandalı açıb çıxardım… bircə söz verin. Sizə inanıram.

– Etibarınız üçün sağ olun. Amma heç bir söz verə bilmərəm. Elə ilk fürsət düşən kimi aradan çıxacağam. Buna söz verə bilərəm.

– O!.. Bir buna baxın! Bəs mən sizi burda qoyub getsəm, tərsin biri tərs, onda necə? – Simpkins cavab gözləmədən qapıya tərəf yüyürdü. Divarlardan yapışa-yapışa, yıxıla-yıxıla dik pilləkənlə qövsvarı fənərlərlə işıqlanmış göyərtəyə çıxdı. Dərhal da tufanlı küləyin oyan-buyana səpələdiyi yağışa düşdü. Gəminin dal tərəfi su üzərində dayanmış, burun hissəsi suya batmışdı. Simpkins göyərtəyə baxıb gördü ki, hələ bir neçə dəqiqə bundan əvvəl mövcud olan nizam-intizam özünüqoruma instinkti adlanan ibtidai, heyvani hissin təsiri altında aradan qalxıb. Hələ dünən qadınlara nəvaziş dolu maraqla xırda qulluq göstərən qəşəng geyimli kişilər bu qadınları tapdalayıb keçir, yumruqları ilə qayıqlara yol açırdılar. Ən güclü olan qalib gəlirdi. Həyəcan siqnalının səsi ağlını itirmiş ikiayaqlı heyvan sürüsünün qeyri-insani bağırtılarına qarışmışdı. Ətrafda tapdanmış cəsədlər, parçalanmış meyitlər, cırıq-cırıq olmuş paltarlar gözə dəyirdi.

Simpkins başını itirdi, isti qan beyninə vurdu. Elə bir an gəldi ki, özü də döyüşə girməyə hazırlaşdı. Ancaq on min dollar haqqında, hətta belə bir vəziyyətdə, bir anlıq peyda olmuş fikir onu saxladı. Pilləkənlə başıaşağı kayuta diyirləndi, qapının ağzında sürüşüb yıxıldı, sürünə-sürünə taxtlara çatıb dinməzcə, əlləri əsə-əsə qandalı açmağa başladı.

– Yuxarı! – xəfiyyə Qatlinqi qabağa buraxıb ardınca getdi.

Onlar göyərtəyə çıxanda Simpkins acizanə bir quduzluqla çığırdı: göyərtə boş idi. İllüminatorların işıqları ilə işıqlanmış nəhəng dalğaların üzərində adamla dolu sonuncu qayıqlar görünürdü. Onlara üzüb çatmaq barədə heç düşünməyə də dəyməzdi.

Batanlar əlləriylə qayıqların kənarından yapışmışdılar. Qayıqlardan bədbəxtlərin başına bıçaq, yumruq, avar zərbələri, tapança güllələri enir, zavallılar dalğalara qərq olurdular.








– Hamısı sizin üzünüzdən oldu! – Simpkins yumruqlarını Qatlinqin burnunun qabağında silkələyib qışqırdı.

Amma Qatlinq xəfiyyəyə məhəl qoymadan göyərtənin qırağına yaxınlaşıb diqqətlə aşağı baxdı. Paroxodun düz yanında dalğalar bir qadın bədənini yırğalayırdı. O, son gücünü toplayıb əllərini uzadır, dalğalar onu paroxoda tərəf gətirəndə əbəs yerə dəmir üzlükdən yapışmağa çalışırdı.

Qatlinq plaşını cıxarıb suya tullandı.

– Siz qaçmaq istəyirsiniz? Buna görə cavab verəcəksiniz. – O, tapançanı çıxarıb Qatlinqin başına tuşladı. – Siz paroxoddan uzaqlaşmağa cəhd edən kimi atəş açacağam.

– Səfeh-səfeh danışmayın, tez olun burazın ucunu sallayın, axmağın biri axmaq! – deyə Qatlinq artıq huşunu itirməkdə olan batan qadının əlindən tutub qışqırdı.

– Hələ bir əmr də verir, – xəfiyyə burazın ucunu bacarıqsız bir surətdə sallaya-sallaya çığırdı. – Xidməti borcunu yerinə yetirən zaman vəzifəli şəxsi təhqir edir!

Viviana Kinqman kayutda özünə gəldi. O, dərindən nəfəs alıb gözlərini açdı.

Simpkins ədəblə salamlaşdı:

– İcazənizlə özümü təqdim edim: agent Cim Simpkins. Bu isə, necə deyərlər, mənim himayəm altında olan mister Recinald Qatlinqdir…

Kinqman agentin və cinayətkarın yanında özünü necə aparacağını bilmirdi. Milyarder qızı Kinqman bu adamların mühitində qalmalı idi. Üstəlik də, onu xilas etdiyi üçün onlardan birinə borcludur, gərək ona təşəkkür etsin. Bəs cinayətkara əl uzatsınmı? Yox, yox! Xoşbəxtlikdən hələ çox zəifdir, əlini tərpədə bilmir… Əlbəttə ki, bilmir. O, əlini qaldırmadan tərpətdi və zəif səslə dedi:

– Mənim həyatımı xilas etdiyiniz üçün sizə təşəkkür edirəm.

– Bu hər birimizin borcudur, – Qatlinq əsla lovğalanmadan cavab verdi. – İndi isə sizə dincəlmək lazımdır. Rahat ola bilərsiniz: paroxod suda yaxşı dayanıb, batmayacaq. – Simpkinsin qolundan tutub: – Gedək, – dedi.

– Siz hansı əsasla mənə əmr verməyə başlamısınız? – xəfiyyə deyindi, ancaq Qatlinqin ardınca getdi. – Unutmayın ki, siz həbs olunmusunuz və mən hər dəqiqə qanuna əsaslanaraq sizi qandallaya və azadlıqdan məhrum edə bilərəm.

Qatlinq Simpkinsə lap yaxınlaşıb sakit, ancaq qəti səslə dedi:

– Qulaq asın, Simpkins, əgər ağlınıza gələni danışmaqdan əl çəkməsəniz, mən bax beləcə, boynunuzun ardından tutub sizi bu avtomatik tapançanızla bir yerdə kor pişik balası kimi suya atacağam. Özünüz də, tapançanız da məni cana doydurub. Anlayırsınız? Bu saat silahınızı cibinizə qoyub ardımca gəlin. Biz miss üçün səhər yeməyi hazırlamalı və bir şüşə yaxşı şərab tapmalıyıq.

– Lənət şeytana! Siz məni qulluqçu, ya aşpazmı eləmək istəyirsiniz? Bəlkə, bir onun ayaqqabılarını təmizləyib iynə-sancaq da gətirim?

– Mən istəyirəm ki, siz az danışıb çox iş görəsiniz. Di çevrilin görüm!




Su səhrasında


– Mister Qatlinq, deyə bilərsinizmi, gəmi niyə batmayıb? – Qatlinqlə birlikdə başdan-başa səhər günəşinə qərq olmuş göyərtədə oturan miss Kinqman soruşdu. Ətrafda göz işlədikcə okeanın zümrüdü səhraya bənzəyən səthi uzanıb gedirdi.

– Müasir okean gəmiləri, – Qatlinq cavab verdi, – daxili arakəsmələr, yaxud divarlarla təchiz olunub. Gəmi deşilərkən su onun bir hissəsinə dolur, içəri çox gedə bilmir. Əgər dağıntı elə də böyük deyilsə, gəmi suyun üzündə hətta böyük deşiklərlə də dayana bilir.

– Bəs niyə sərnişinlər paroxodu tərk etdilər?

– Heç kəs paroxodun suyun səthində dayana bilmək üçün davam gətirəcəyini deyə bilməzdi. Baxın, kil[1 - Kil – gəmi gövdəsinin alt hissəsini təşkil edən və gövdə uzununa qoyulan tir] suya batıb. Dal tərəf o qədər yuxarı qalxıb ki, vintlərin ağzı görünür. Göyərtə okean səthindən, demək olar, otuz dərəcə bucaq altında əyilib. Bu dikdirdə gəzmək elə də rahat deyil, amma bu, hər halda, suda çapalamaqdan yaxşıdır. Biz hələ yaxşı qurtarmışıq. Paroxodda böyük ərzaq və su ehtiyatı var. Əgər dəniz yollarından çox yayınmamışıqsa, bir gəmi rastımıza çıxıb bizi götürər.

Ancaq günlər ötür, mavi səhra isə əvvəlki kimi ölü olaraq qalırdı. Simpkins gözlərini zilləyib uzaqlara baxırdı.

Yeknəsəq günlər bir-birini əvəz edirdi.

Miss Kinqman çox tezliklə ev sahibəliyi etməyə başladı. O, mətbəxdə vurnuxur, alt paltarlarını yuyur, yemək otağında və “salon”da – kiçik kayutda səliqə-sahman yaradırdı. Onlar yatmazdan əvvəl axşamı burada keçirməyi xoşlayırdılar.

Yeni, onun üçün yad olan cəmiyyətdə özünü necə aparacağı barədə çətin sual elə bil öz-özünə həll olunurdu. O, Simpkinsə mehribanlıqla və istehzayla yanaşırdı, Qatlinqlə isə sadə dostluq münasibəti qurmuşdu. Bundan başqa, Qatlinq onu öz taleyinin və təbiətinin müəmmalı olmasıyla maraqlandırırdı. O, ədəb gözləyərək heç vaxt Qatlinqdən keçmişi barədə soruşmamışdı, nə də Simpkinsin bu haqda danışmasına yol vermirdi, hərçənd Simpkins dəfələrlə Qatlinqin yanında onun dəhşətli “cinayəti” barədə söz açmaq istəmişdi.

Onlar kiçik təsərrüfat işlərini bitirib axşamlar, günəş batan vaxtlarda həvəslə söhbətləşirdilər. Simpkins öz gözətçi qülləsində vurnuxur, xilas olmağın, özünün peşəkarlıq qələbəsinin və söz verilmiş mükafatın müjdəçisi ola biləcək paroxod tüstüsünü axtarırdı.

Miss Kinqman bu ünsiyyətdən həmsöhbətinin təhsilli, ədəbli və tərbiyəli olduğu qənaətinə gəlmişdi. Hazırcavab miss Kinqmanla söhbət aparmaq, görünür, Qatlinqə də böyük ləzzət verirdi. Miss Kinqman Avropaya səyahətini xatırlayır və gördükləri yerlərin maraqlı cəhətlərini söyləyib onu güldürürdü.

– İsveçrə? Bu, turistlər üçün dağ otlağıdır. Mən özüm bütün dünyanı gəzmişəm, amma quyruq əvəzinə soraq kitabçası gəzdirən bu ikiayaqlı otyeyənlərdən zəhləm gedir.

Vezuvi? Cırtdanın biri ucuz siqaret tüstülədib özündən dəm vurur. Siz Kolorado dağ silsiləsini görmüsünüz? Xes Pik, Lone Pik, Aranxo Pik – dağ bax bunlardır. Hələ 8800 metr hündürlüyü olan Everest kimi nəhəngləri demirəm. Vezuvi onlarla müqayisədə küçükdür.

Venesiya? Orada yalnız qurbağalar yaşaya bilər. Qayıqçı məni əsas kanalla aparıb malları, bütün bu sarayları, heykəlləri, nəmişlikdən yaşıllaşmış digər gözəllikləri və irigözlü ingilis qızlarını göstərmək istədi. Amma mən göstəriş verdim ki, o məni kiçik kanalların biriylə aparsın, bilmirəm düz dedim, ya yox, ancaq qayıqçı məni başa düşdü, bir də göstəriş verəndən sonra qayığı həvəssiz-həvəssiz dar kanallardan birinə yönəltdi. Mən venesiyalıların özlərinin necə yaşadıqlarını bilmək istəyirdim. Bu, dəhşətdir. Kanallar elə ensizdir ki, üzbəüz qonşuna əl verə bilərsən. Kanalların suyu kif iylənir, suyun üzərində isə portağal qabıqları və pəncərələrdən atılan hər cür zir-zibil üzür. Bu daşlı dərələrə heç zaman gün düşmür. Hələ uşaqları demirəm, zavallı uşaqlar! Oynamağa yerləri yoxdur. Bu solğunbənizli, raxitli uşaqlar çirkli kanala yıxılmaq təhlükəsi ilə üz-üzə qalaraq pəncərələrin qabağında oturur və uşaqlara məxsus olmayan bir həsrətlə gəlib-keçən qayıqlara baxırlar. Mən heç onların yeriyə bildiklərinə də inanmıram.

– Bəs İtaliyada xoşunuza gələn nə oldu?

Bu zaman söhbət ən gözlənilməz bir tərzdə kəsildi:

– Əllər yuxarı!

Onlar geri baxıb qarşılarında tapançanı Qatlinqin sinəsinə tuşlamış Simpkinsi gördülər.

Xəfiyyə artıq çoxdan idi ki, onların söhbətinə qulaq asır, gözləyirdi görsün, Qatlinq öz cinayəti barədə söz açacaqmı. Söhbətin məsumluğuna əmin olan Simpkins yeni rolda – “cinayətlərin qarşısını alan” rolunda çıxış etməyi qərara almışdı.

– Miss Kinqman, – o, qızğınlıqla sözə başladı, – mənim xidməti vəzifəm və namuslu adam kimi borcum sizi təhlükədən xəbərdar etməkdir. Mən daha bu söhbətlərin təklikdə aparılmasına yol verə bilmərəm. Miss Kinqman, sizi xəbərdar etməliyəm ki, Qatlinq təhlükəli cinayətkardır. Hər şeydən əvvəl də siz qadınlar üçün təhlükəlidir. O, şirin sözləri ilə gənc bir qadını tora salaraq öldürüb. Öldürüb və qaçıb, amma mən, Cim Simpkins onu ələ keçirmişəm, – o sözünü bitirib qürurla dediklərinin necə təsir göstərdiyinə baxdı.

Təsirin onun gözlədiyi kimi alındığını demək olmazdı.

Miss Kinqman, doğrudan da, pərt olmuş, həyəcanlanmış və təhqir edilmişdi, ancaq buna səbəb Simpkinsin sözləri yox, onun qəflətən və kobudluqla müdaxilə etməsi idi.

Recinald Qatlinq isə qətldə ifşa olunmuş cinayətkara qətiyyən oxşamırdı. O, adi bir sakitliklə Simpkinsə yanaşdı. Lüləyin ona tərəf tuşlanmasına baxmayaraq qısa mübarizədən sonra tapançanı Simpkinsin əlindən alıb bir tərəfə atdı və sakitcə dedi:

– Belə görürəm, sizə bəzi adamların məni elektrik stulunda oturmuş görüb həzz alması üçün söz verilən on min dollar da azlıq edir! Yalnız xanımın burada olması məni sizinlə layiqincə hesablaşmaq fikrindən daşındırır!

Mübahisəyə miss Kinqman son qoydu.

– Sözü mənə verin, – onlara yaxınlaşıb dedi və daha çox Simpkinsə müraciət etdi, – bir də belə səhnələr təkrarlanmasın. Mən sarıdan narahat olmayın, mister Simpkins, mənim himayəyə ehtiyacım yoxdur. Öz haqq-hesablarınızı ayağımız torpağa dəyənədək bir kənara qoyun. Biz burada üç nəfərik, ucsuz-bucaqsız okeanın ortasında üçcə nəfər. Kim bilir, qarşıda bizi nələr gözləyir? Bəlkə, bizlərdən biri təhlükə anında başqası üçün gərək olacaq? Günəş batıb, havada nəmişlik artır. Dağılışmaq vaxtıdır. Gecəniz xeyrə qalsın!

Hər biri öz kayutuna getdi.




Sarqas dənizi


Cim Simpkins həmin gecə pis yatdı. Öz çarpayısında eşələnir, qulağı səs çalırdı. Ona hey elə gəlirdi ki, Qatlinq onunla haqq-hesab çürütmək, qisas almaq, bəlkə də, onu öldürmək üçün haradasa yaxınlıqda gizlənir. Budur, kiminsə addım səsləri eşidildi, haradasa qapı cırıldadı… Xəfiyyə dəhşət içində qalxıb çarpayısında oturdu.

– Yox, sakitlikdir, mənə elə gəlir… Oy, lənət şeytana, nə bürkülü gecədir! Bir yandan da mığmığalar, ağcaqanadlar adama rahatlıq vermir! Bu qanadlı həşəratlar okeanın ortasında haradan çıxdı? Ya mən sayıqlayıram, ya da biz quruya yaxınlaşmışıq. Gəlsənə bir havaya çıxım?

Simpkins birinci dəfə deyildi ki, paroxodun konserv və şərab saxlanan anbarına hava qəbul etməyə gedirdi.

O, qaranlıqda əli ilə yoxlaya-yoxlaya tanış keçidlərlə gedib anbara çatdı və artıq bir qurtum rom içmişdi ki, birdən qəribə bir xışıltı eşitdi. Labirintdə bu səslərin haradan gəldiyini müəyyən etmək çətin idi. Simpkinsin ürəyi düşdü.

– Axtarır. Söz yox ki, bu, yaxşı bir gizlənpaç oyunudur. Bircə səhərə qədər tapmayaydı. Onda miss Kinqmandan havadarlıq etməyi xahiş eləməli olacam, – və nəfəsini içəri çəkib anbarın uzaq bir küncünə, az qala gəmi üzlüyünə tərəf getməyə başladı. Birdən xışıltı məhz orada, üzlüyün arxasında eşidildi, sanki dənizin dibindən çıxmış naməlum bir nəhəng nahamar dərisini paroxodun bortuna sürtürdü. Müəmmalı səslər daha ucadan eşidilməyə başladı. Simpkins qəfildən paroxodun yüngül bir təkandan yırğalandığını hiss etdi. Nə dalğalar, nə də sualtı daşlar belə qəribə yırğalanma yarada bilərdi. Bu təkanın ardınca daha bir neçəsi baş verdi, özü də boğuq gurultuyla müşayiət olundu.

Simpkinsi uzaq əcdadları kimi soyuq dəhşət bürüdü: bu, naməlum bir şeylə üzləşəndə yaranan dəhşət idi. Kim ki bu dəhşəti yerindəcə dəf edə bilmir, vay onun halına: o zaman kor instinktlər fikrini qarışdırır, iradəsini, özünüidarəetmə qabiliyyətini əlindən alır.

Simpkins kürəyindən necə soyuq bir gizilti keçdiyini və başındakı tüklərin biz-biz olduğunu hiss etdi. O, vəhşi bir bağırtıyla, səndələyə-səndələyə, yıxıla-yıxıla göyərtəyə qalxdı.

Qabağına Qatlinq çıxdı. Simpkins onu qeyri-müəyyənlik qarşısında saran qorxudan başqa hər şeyi unudub az qaldı ki, özünü indicə ehtiyat etdiyi, əlindən qaçıb siçan deşiyi axtardığı adamın qucağına atsın.

– Bu nədir? – o, fışıltılı, fıştırığa bənzər səslə soruşdu (əsəblərinin qıc olması səsini batırmışdı) və Qatlinqin əlindən tutdu.

– Mən də sizdən çox bilmirəm… Paroxod yüngülcə yanı üstə əyildi, sonra burun hissəsi enib-qalxdı. Mən tez geyinib baxmağa çıxdım.

Ay göyərtənin bir hissəsinə parlaq işıq salmışdı. Paroxodun qəzadan sonra zərər çəkmiş kil hissəsi suya batdığı üçün burada göyərtə, demək olar ki, su səviyyəsində idi.

Simpkins yuxarıda qalıb Qatlinqin gəminin kilini başdan-başa nəzərdən keçirməsinə tamaşa etdi.

– Qəribədir, qəribədir. Bura düşün, Simpkins, qorxaq olmayın.

– Təşəkkür edirəm, mən elə buradan da yaxşı görürəm.

– Simpkins, bu sizsiniz? Orada nə baş verib?

– Miss Kinqman, xahiş edirəm bura gələsiniz, – Qatlinq göyərtə ilə aşağı düşən Viviananı görcək dedi.

O, Qatlinqə yanaşdı, onun ardınca da Simpkins özündə cəsarət tapıb aşağı düşdü. Qızın orada olması onu sakitləşdirdi.

– Baxın, valeh olun, miss.

Göyərtə ayın parlaq şüalarında ağappaq olmuşdu. Bu ağ fonda tünd ləkələr və izlər görünürdü, elə bil hansısa nəhəng bir heyvan sürünüb göyərtəyə çıxmış, yarımdairə vurmuş, məhəccərin dəmir çubuqlarını saman çöpləri kimi sındırmış və sağ bortdan düşüb getmişdi.

– Diqqət yetirin: bu, göyərtə ilə sürünən ağır bir qarın izinə oxşayır. Böyürdəkilər isə pəncə, daha doğrusu, üzgəc izləridir. Bizə naməlum bir nəhəng baş çəkib.

Simpkins yenə qorxdu və hiss edilmədən maili göyərtə ilə dalı-dalı getməyə başladı.

– Bəs bu zir-zibil nədir? Naməlum qonağın açıq-aşkar qoyub getdiyi bitkilərdimi? – deyə miss Kinqman döşəmədən yosunu qaldırdı.

Qatlinq yosuna diqqətlə baxıb başını buladı:

– Sarqassum, boz yosunlar qrupu… Bəli, şübhə yoxdur. Bunlar Sarqas yosunlarıdır. Gör bir hara gəlib çıxmışıq. Lənət şeytana! İşlər pisləşməyə doğru gedir. Biz vəziyyəti müzakirə etməliyik.

Üçü də yuxarı göyərtəyə qalxdı. Təhlükə yaxınlaşırdı. Simpkins öz “qayda”larından imtina elədi, başa düşdü ki, onları yalnız Qatlinqin bilik, təcrübə və enerjisi xilas edə bilər.

Xəfiyyəni hər şeydən çox naməlum nəhəng narahat edirdi. Hər hansı bir Sarqas yosunu onu maraqlandırmırdı.

– Bizim çağırılmamış qonağımız haqqında nə düşünürsünüz, Qatlinq? – hamı hörmə stullara əyləşəndə Simpkins soruşdu.

Qatlinq yosunu əlində fırlada-fırlada çiynini çəkdi.

– Bu nə oktapod, nə köpəkbalığı, nə də başqa məşhur dəniz sakinlərindən biridir. Ola bilsin ki, burada, Atlantik okeanının bu sirli guşəsində bizə məlum olmayan nəhənglər, ibtidai dövrlərdən qalmış hansısa pleziozavrlar yaşayır.

– Birdən onlar sudan çıxıb bizim arxamızca düşsələr necə?

– Biz hər şeyə hazır olmalıyıq. Amma boynuma alım ki, bu nəhənglər məni o qədər qorxutmur, nəinki bu yarpaqlar, – deyə yosun yarpağını göstərdi.

– Paroxod, hər halda, çox böyük və möhkəmdir, hətta sualtı aləmin bu naməlum nəhəngləri üçün də. Onlar bizim dar kayutlarımıza girə bilməzlər. Həm də bizim silahımız var. Ancaq bəs buna hansı silah qalib gələ bilər? – deyə yenə də yosunu göstərdi.

– Bu xırda yarpaqda qorxulu nə var ki? – Simpkins soruşdu.

– Qorxulu odur ki, biz sirli Sarqas dənizinin Azor adalarından biri olan Korvodan qərbdə yerləşən sahəsinə düşmüşük. Bu dənizin sahəsi Almaniyanın ərazisindən altı dəfə böyükdür. O, başdan-başa qalın yosun xalısı ilə örtülüb. Yosun ispan dilində “sarqassa” deməkdir, dənizin adı da buradan götürülüb.

– Okeanın ortasında dəniz: bu necə ola bilər? – miss Kinqman soruşdu.

– Bu suala hələ alimlər də cavab tapmayıblar.

– Məlumunuz olsun ki, isti Qolfstrim cərəyanı Florida boğazlarından şimala, Şpitsbergenə doğru istiqamət alır. Amma bu cərəyan yolda ayrılır, bir qolu cənuba, Azor adalarınadək dönür, Afrikanın qərb sahillərinə doğru gedir, nəhayət, yarımdairə cızaraq Antil adalarına qayıdır. İsti bir halqa əmələ gəlir, bu halqanın da içində soyuq, sakit su – Sarqas dənizi yerləşir. Okeana baxın!

Hamısı geri çevrilib məəttəl qaldı. Okeanın səthi qarşılarında hərəkətsiz, axmaz bir göl kimi dayanmışdı. Nə kiçik bir dalğa, nə bir hərəkət, nə də bir şappıltı var idi. Günəşin ilk şüaları solğun-yaşılaçalan yosunların qalın xalısına bənzəyən bu qəribə, durğun dənizi işıqlandırırdı.

– Sizi qorxutmaq istəmirəm, Simpkins, amma bu “yosun bankası”na düşmüş gəminin vay halına. Sarqas dənizini Kolumb belə adlandırmışdı. Əgər pərimiz olsaydı və saz işləsəydi belə, yenə hərəkətə gəlməyəcəkdi, yosunlara dolaşıb dayanacaqdı. Yosunlar yelkənli gəminin hərəkətini ləngidir, avarçəkməyə də imkan vermir. Bir sözlə, qurbanlarından bərk yapışır.

– Bizim axırımız necə olacaq? – Simpkins soruşdu.

– Yəqin ki, başqalarınınkı kimi. Sarqas dənizini gəmilər qəbiristanlığı adlandırırlar. Buradan tək-tük adam sağ çıxa bilər. Əgər adamlar aclıqdan, susuzluqdan, yaxud sarı qızdırmadan ölməsələr, gəmiləri çoxalmış poliplərin ağırlığından, ya da su sızmasından batana kimi yaşayırlar. Dəniz də yavaş-yavaş öz yeni qurbanını qəbul edir.

Miss Kinqman diqqətlə qulaq asırdı.

– Dəhşətdir! – hərəkətsiz yaşıl səthə baxıb pıçıldadı.

– Biz hər ehtimala qarşı sələflərimizin çoxundan yaxşı şəraitdəyik. Paroxod yaxşı dayanıb. Bəlkə də, dəlmə-deşiyi təmir edib suyu boşalda bildik. Ərzaq ehtiyatı üçümüzə bir neçə il bəs edər.

– İl! – Simpkins stuldan atılıb qışqırdı.

– Bəli, əziz Simpkins, ola bilsin ki, sizə söz verilən mükafatı bir neçə il gözləməli oldunuz. Cəsarətli olun, Simpkins.

– Tüpürüm o mükafata, bircə bu lənətə gəlmiş xəşilin içindən çıxa biləydim!

Yeknəsəq, darıxdırıcı, bürkülü günlər uzanır, uzanırdı. Bu durğun bataqlığın üzərində naməlum həşərat dəstələri uçuşurdu. Gecə mığmığalar yatmağa qoymurdu. Hərdənbir duman dənizin üzərini kəfən kimi örtürdü.

Xoşbəxtlikdən paroxodda yaxşı kitabxana vardı. Miss Kinqman mütaliəni sevirdi. Axşamlar hamı böyük, dəbdəbəli salona yığışırdı. Viviana mahnı oxuyur, royal çalırdı. Simpkins bu axşam yığıncaqlarında tez-tez əlində şərab şüşəsi görünməyə başlamışdı, dərddən içirdi.

Qatlinq çaxır anbarını qıfıllamalı oldu. Simpkins etiraz etmək istədi, amma Qatlinq sözündən dönmədi.

– Gəmidə bircə əyyaşımız əskik idi! Başa düşün, səfehin biri, əgər sizi çəkindirməsək, tezliklə məhv olacaqsınız.

Simpkins itaət etməli oldu.




Ölülər səltənətində


Adama elə gəlirdi ki, paroxod hərəkətsiz dayanıb. Ancaq ehtimal ki, hansısa zəif cərəyan onu Sarqas dənizinin ortasına çəkirdi: yolboyu yarıçürük, yarı kif basmış gəmi qırıqlarına daha tez-tez rast gəlinirdi. Onlar ölülər kimi qəfil peyda olur, çılpaq “qabırğa”ları – şpanqoutları[2 - Şpanqout – gəmi gövdəsinin əsasını təşkil edən köndələn tir] və sınmış dorları görünür, bir müddət gəminin arxasınca gəlir, sonra yavaş-yavaş üzüb uzaqlaşırdı. Simpkinsi gecələr “kabuslar” qorxudurdu: qəflətən dənizin yaşıl səthindən kəfənə bürünmüş adamları xatırladan ağ duman sütunları qalxır, yavaşca axır, yırğalanır və əriyirdi… Bu, qalın yosun xalısının “donmayan yer”lərində baş verən buxarlanmalar idi.

Aylı gecələrin birində, quruluşundan Hollandiya istehsalı olduğu bilinən yarıdağılmış bir briq[3 - Briq – ikidorlu yelkən gəmisi] gəmiyə lap yaxınlaşdı. O, parlaq qızılı çalarlı qara rəngə boyanmışdı. Dorlarının və valının bir hissəsi qopmuş, braşpili[4 - Braşpil – gəmilərdə lövbəri qaldırmaq üçün mexanizm, bucurqad] sınmışdı.

Viviana bu ölü gəmiyə maraqqarışıq bir vahimə ilə baxırdı. Bəlkə, onların da gələcəyi belə olacaq: elə bir vaxt gələcək ki, onların paroxodu da içində bir ins-cins olmadan dənizdə üzəcək. O, qəfildən qışqırdı:

– Bir baxın, bir baxın, Qatlinq!

Orada sınmış dora söykənmiş qırmızı papaqlı bir adam durmuşdu. Ayın parlaq işığında tutqun, qara sifətində dişləri ağarırdı. Gülümsəməkdən ağzı qulağının dibinə çatmışdı. Ayağının yanında şüşə vardı.

Fikirləşəndə ki tək deyillər, bu yaşıl səhrada onlardan başqa da insan övladı var, hamısı həyəcanlandı. Simpkinslə Qatlinq ucadan qışqırıb əllərini yellədilər.








Qırmızı papaqlı adam yenə də gülümsəyə-gülümsəyə əlini yellədi, amma bunu nəsə qəribə bir tərzdə etdi, sanki arxasında nəyisə göstərirdi. Dərhal da qolu şallaq kimi yanına düşdü. Ay buludların arxasına girdi, adam daha görünmədi. Amma briq getdikcə paroxoda yaxınlaşırdı.

Nəhayət, briqlə gəmi arasında azacıq məsafə qaldı. Bu zaman ay çıxıb qəribə və vahiməli mənzərəni aydınlatdı.

Dorun qırıqlarına skelet bağlanmışdı. Əynindəki paltarın cırıqları hələ üstündə idi. Sağ qalmış əl sümükləri küləkdə yellənirdi, qalanları isə çiyin oynaqlarından çoxdan çıxıb göyərtənin döşəməsinə tökülmüşdü. Qızmar günəşin qurutduğu üz dərisi qalmışdı. Bu perqament üzdə kəllənin təbəssümü əks olunmuşdu. Təpəsini yarıçürümüş qırmızı papaq örtmüşdü.

Qatlinq bir andaca sıçrayıb briqin göyərtəsinə çıxdı.

– Neyləyirsiniz, Qatlinq? Briq paroxoddan aralana bilər. Onda məhv olarsınız.

– Narahat olmayın, miss, mən çataram. Burada maraqlı bir şey var.

Qatlinq skeletə tərəf qaçıb möhürlənmiş şüşəni götürərək paroxodun göyərtəsinə o an tullandı ki, briq artıq gəmidən bir metrə qədər aralanmışdı.

– Dəlinin biri! – Qatlinqin uğurla qayıtmasına sevinən rəngi qaçmış miss Kinqman onu qarşıladı.

– Doğrudan ha, siz nəyə görə belə risk etdiniz? – Viviana şüşəyə baxıb soruşdu. – Bundan bizdə doludur.

– Baxaq görək, – Qatlinq şüşənin boğazını sındırıb içindən yarıçürümüş, göyümtül kağız parçası çıxartdı. Saralıb-solmuş hərfləri hələ ayırd etmək olurdu.

Görünür, qaz lələyi ilə, quyruqlu və buruq-buruq hərflərlə yazılmışdı:



“Ey bu şüşəni açan kəs, istər xristian ol, istərsə kafir, səndən xahiş edir və səni and verirəm ki, mənim son arzumu yerinə yetirəsən. Əgər ölümümdən sonra məni briqdə tapsan, kapitan kayutunda yerləşən ağ dəri kisədəki 50000 qulden[5 - Qulden – Hollandiyada gümüş pul] qızıl pulu götür. 10000 quldenini özünə saxla, 40000 quldeni isə mənim arvadıma ver. Adı Marta Tesseldir, Amsterdamda, Dəniz küçəsində, öz mülkündə yaşayır. Əgər briq batarsa, yalnız şüşəni dənizdən tapsan, ona göndər. Marta Tesselə, arvadıma mənim son salamımı çatdır. Əgər onu məyus etmişəmsə, qoy məni bağışlasın. Bizimkilər hamısı öldülər. Bütün heyət, matroslarına kimi… Birinci… Kar, Qubert… Hələlik bircə mən sağam. Bir həftədir… heç nə yemirəm… özümü dora bağlayacağam… kimsə görsün deyə… Əlvida… Qustav Tessel. “Marta” adlı Briq, 1713-cü il. Sentyabrın 15-ci günü”.


Qatlinq oxuyub qurtaranda sükut çökdü.

– Necə vahiməli və qəribədir! Biz ölüdən artıq iki yüz ildir ki, məzarda yatan arvadına salam göndərmək haqqında tapşırıq almışıq… – diksinmiş miss Kinqman əlavə etdi. – Bu dəniz özündə necə dəhşətli sirlər gizləyir!

– Əlli min qulden, – Simpkins uzaqlaşan briqi baxışları ilə yola sala-sala öz-özünə dedi. – Bu indiki məzənnə ilə nə qədər eləyir?..




İKİNCİ HİSSƏ





Sakit liman


– Torpaq! Torpaq! Miss Kinqman! Qatlinq! Tez bura gəlin! Biz hansısa bir limana yaxınlaşırıq. Artıq paroxodların dorlarının yuxarı hissəsi və boruları görünür. Bax oradadır. Ora baxın… sol tərəfə!

Qatlinq müşahidə borusundan baxdı.

– Sizin kəşf etdiyiniz limanın çox qəribə görünüşü var, Simpkins. Bu “liman” bir neçə mil məsafədə uzanır: dorlar və borular, sonra yenə dorlar… Amma bir şeyə diqqət edin: bir boru da tüstülənmir, dorlar isə… Onların təchizatı, yelkənlər? Bir baxın, miss Kinqman, – Qatlinq müşahidə borusunu ona verdi.

– Bəli, bu daha çox gəmi qəbiristanlığına oxşayır, – Viviana ucadan dedi. – Dorlar və borular sınıb, yelkənlər isə cırıq-cırıq olub. Bəs… torpaq hanı? Mən heç nə anlamıram.

– Mənə də hər şeyin aydın olduğunu deyə bilmərəm, miss, – Qatlinq cavab verdi, – amma fikrimcə, məsələ belədir: görünür, Sarqas dənizinin, bu durğun bataqlığın, yosunların ləngitdiyi öz axınları var. Ehtimal ki, biz bu axınların birinə düşmüşük, o da bizi, təəssüf ki, bu “sakit limana” gətirib. Təsəvvür edirsinizmi, biz necə bir limana daxil oluruq. Bizi qarşılayanlar bax bunlardır, – o, əli ilə ətrafı göstərdi.

Paroxod qeyri-adi limana yaxınlaşdıqca yolboyu dağılmış gəmilərin kədərli mənzərəsinə daha çox rast gəlmək olurdu. Burada bütün ölkə və xalqlara məxsus sındırılmış, şikəst edilmiş, yarıçürümüş gəmilər vardı. Budur, bütöv bir ağac parçasından hazırlanmış qayıq… Bu da balıqçı barkının[6 - Bark – böyük yelkənli gəmi] skeleti: xarici üzlük dağılıb, şpanqoutlar çılpaq qabırğalar kimi bayıra çıxıb, kil hissəsi isə balığın bel sümüyünü xatırladır. Daha sonra az-çox salamat qalmış gəmilər: barklar, şxunalar[7 - Şxuna – iki və ya üçdorlu yelkənli gəmi], tenderlər[8 - Tender – birdorlu yelkənli gəmi], freqatlar[9 - Freqat – üçdorlu hərb gəmisi], qaleralar[10 - Qalera – çoxavarlı qədim gəmi] görünürdü. Paslı, müasir bir paroxod on altıncı əsrin portuqal karavellası[11 - Karavella – üç, ya dörddorlu yelkənli gəmi] ilə yanbayan dayanmışdı. Onun gözəl, əyri gəmi xətləri vardı. Aşağı bort burun və arxa hissədəki tikililərin üzərində yüksəlmişdi. Sükanın oxu bütün arxa tərəfi kəsib keçirdi, bortların ortalarında isə avarlar üçün deşiklər var idi. “Santa-Mariya” sözü bortdan aydınca görünürdü.

– Qəribədir! – Qatlinq qışqırdı. – Kolumb da eynilə bu cür gəmidə üzüb, onun karavellalarının birinin adı “Santa-Mariya”, digər ikisi isə “Pinta” və “Nina” adlanıb. Bir buna baxın, – uzağı yaxşı görən Qatlinq xətt gəmisinin bortundakı sözü oxudu: – “Henri”. Görürsünüz, sonra üçgöyərtəli gəmi gəlir: bortunda “Dənizlər suvereni” və “1657-ci il” yazılıb. Onların arasında isə on doqquzuncu əsrin birinci yarısına məxsus, uzunluğu əlli metrdən çox olmayan təkərli paroxod yerləşir.

Gəmilərin arasındakı paroxod get-gedə daha çox sıxışdırılırdı. Bir neçə dəfə sərt qırıqlara ilişib dayandı, nəhayət, bir-birinə sıxılmış gəmilərin gur yerinə düşüb onlara qoşularaq sanki özünəməxsus bir ada əmələ gətirdi.

Yolçular susurdular. Hamısına elə gəlirdi ki, diri-diri basdırılmaq üçün qəbiristanlığa gətiriliblər.

– Madam ki tale bizi buraya gətirib, bu qeyri-adi ada ilə tanış olmaq lazımdır. Gedək, Simpkins!

Simpkins açıq-aşkar bu qaranlıq qəbiristanlığa ekskursiya eləmək fikrində deyildi.

– Bunun nə mənası var? – deyə boyun qaçırmağa çalışdı.

– Kişi olun, Simpkins. Kim bilir, bu ada özündə nələr gizlədir? Bəlkə, buranın sakinləri də var?

– Qoca holland dənizçilərinin kabuslarımı?

– Buna baxarıq. Hər halda, burada kim yaşayırsa yaşasın, bizim onlardan birinci xəbər tutmağımız yaxşıdır. Bu ada bizim məzarımız da ola bilər, amma bilmək olmaz, bəlkə, nicat yolunu elə burada tapacağıq. Gəmilərə baxmaq lazımdır, bəlkə, üzmək üçün yararlı olanına rast gəldik.

– Gəmilərə baxmaq! – Simpkins içində 50000 qulden olan “Marta” gəmisini xatırladı. O tərəddüd edirdi.

– Bəs miss Kinqmanı necə tək qoyaq?

– Məndən narahat olmayın. Mən kabuslardan qorxmuram, – o cavab verdi.

– Gəlin belə eləyək, miss, – Qatlinq təklif etdi, – gəminin odluğuna küləş doldurun. Sizi bir təhlükə hədələsə, küləşi yandırın. Biz borudan çıxan tüstünü görüb dərhal köməyə gələrik. Gedək.

Qatlinq yaxınlıqda dayanmış gəmiyə çıxdı. Bu, on səkkizinci əsrdən qalma “Viktoriya” adlı üçyelkənli bir gəmi idi. Simpkins könülsüz onun dalınca getdi.

Onlar yavaş-yavaş adanın dərinliklərinə doğru hərəkət edirdilər.

Dünyada çətin ki bu nəhəng qəbiristanlığın mənzərəsindən kədərli mənzərə tapılardı. Dəniz məhv olmuş gəmiləri, torpaq isə insanları ağuşuna alır. Lakin bu qəbiristanlıq öz ölülərini açıqlıqda, qızmar günəşin işığı altında saxlayırdı. Çox ehtiyatla addımlamaq lazım gəlirdi. Yarıçürümüş lövhələr ayaq altında əsirdi. Səyyahlar hər dəqiqə gəmi anbarına düşə bilərdilər. Bu dəfə ikisi də kəndir götürmüşdü ki, lazım olan anda bir-birinə kömək etsinlər. Məhəccərlər aşırdı. Yelkən parçaları bir toxunuşdaca ovxalanırdı. Hər tərəf çürüntü tozu və yaşıl kif qatı ilə örtülmüşdü. Göyərtələrin çoxunda gün işığında sümükləri ağaran, ya hələ sağ qalmış dəriləri qaralan, ya da paltarlarının parçaları görünən skeletlər vardı. Skeletlərin yerinə, sınmış kəllələrə əsasən belə nəticəyə gəlmək olardı ki, ölümqabağı ağıllarını itirmiş adamlar dalaşmış, qiyam qaldırmışdılar. Sonda əzablarına və məhv olmuş həyatlarına görə kimdənsə intiqam alaraq bir-birini qəddarlıqla öldürmüşdülər. Hər bir gəmi orada əlli, yüz, iki yüz il əvvəl baş vermiş böyük bir faciənin şahidi idi.

İndi kəllələri gün işığında ağaran, qorxunc təbəssümlə dişlərini ağardan bu sakinlər sağ ikən necə qeyri-insani dəhşət, necə qorxunc məşəqqətlər çəkməli idilər! Elə hey gülümsəyir, gülümsəyirdilər…

Bu ağaran dişlərdən hətta Qatlinqi də vahimə basdı, Simpkinsi isə titrətmə tutdu.

– Gedək burdan! – o xahiş etdi. – Mən daha dözə bilmirəm!

– Dayanın, bax orada yaxşı qalmış gəmi var. Kayutlara düşmək maraqlı olar.

– Ayaqlarınızın altında sınan pilləkənlərləmi? – Simpkins birdən əsəbiləşdi. – Qatlinq, mən daha bir addım da atmayacağam. Bəsdir. Xahiş edirəm ki, daha mənə əmr verməyəsiniz. Mənim də, özünüzün də kim olduğunu unutmusunuz! Məni hara aparırsınız? Niyə? Məni hansısa bir gəmi anbarına salıb səssiz-küysüz yaxa qurtarmaq üçünmü? Bilirəm ki, sizə mane oluram.

Bu söhbət Qatlinqi cin atına mindirdi.

– Susun, Simpkins, yoxsa mən, doğrudan da, sizi suya atacağam.

– Bu elə də asan deyil, – Simpkins acı-acı dedi və bortun yanındakı taxta hasara söykənib tapançanı Qatlinqə tuşladı. Qatlinq cəld irəli addımladı, amma Simpkinsin əlindən tutmağa macal tapmamış atəş və aşan məhəccərin səsi eşidildi. Güllə Qatlinqin başı üzərindən uçdu. Həmin anda Simpkinsin əllərini yöndəmsizcə yelləyib məhəccərin çürümüş qırıqları ilə birlikdə suya düşdüyünü gördü. Aşağıda boğuq su şappıltısı… sakitlik… sonra Simpkinsin fınxırtısı eşidildi. Qatlinq aşağı baxdı. Xəfiyyə yaşıl yosun sıyığında çapalayırdı. Yosunlar başından hörük kimi sallanmış, əllərinə dolaşmış, öz qurbanını bərk saxlamışdı. Simpkins gəminin üzlüyündən yapışmaq üçün var gücüylə çalışırdı. Xeyli səy göstərəndən sonra buna nail oldu. Amma qolları yorulmuşdu, yosunlar onu aşağı dartırdı, bir az da keçsəydi, suyun dibinə gedəcəkdi.

Qatlinq bortdan aralandı, çəlləyin üstündə oturub qəlyan çəkməyə başladı.

– Qatlinq, bağışlayın məni. Mən eşşək kimi axmaqlıq etdim, – Qatlinq Simpkinsin səsini eşitdi, ancaq sakitcə qəlyan çəkməyində oldu. – Qatlinq… məni xilas edin… Qatlinq!

Qatlinq borta yanaşdı. O tərəddüd edirdi. Kömək istəyən, hər halda, insandır. Lakin necə insandır? Satılmış xəfiyyə, casusdur. Hətta xilas olandan sonra belə pul almaq üçün Qatlinqi hökumətə verməkdən çəkinməyəcək.

– Yox, yox, – Qatlinq yenə oturub səylə qəlyan tüstülətməyə başladı.

– Qatlinq, yalvarıram! Qatlinq! Qatlinq! – Simpkins inildədi.

Qatlinq inadla qəlyanını tüstülədirdi.

– Qa-a-t… – birdən bu səs boğuq hıçqırtıya çevrildi.

Qatlinq dişlərini qıcayıb qəlyanı atdı və kəndirin ucunu açıb onu batan adama tulladı.

Simpkins son gücünü toplayıb kəndirdən yapışdı, amma Qatlinq onu dartmağa başlayanda əlləri kəndirdən üzüldü; yosunlar onu bərk tutmuş, qolunda güc qalmamışdı.

– Kəndiri belinizə bağlayın! – Qatlinq ona qışqırdı.

Simpkins birtəhər kəndiri belinə bağladı, düyünü bərkidib göyərtəyə çıxmağa başladı.

Qatlinqin qabağında dayanıb elə həyəcanlanmışdı ki, dayanmadan bu sözləri təkrar edirdi:

– Qatlinq!.. Qatlinq!.. Qatlinq… – deyib əlini ona uzatdı.

Qatlinq üz-gözünü turşutdu, ancaq xilas etdiyi adamın gözlərində həqiqi, heyvani bir sevinc görcək səmimiyyətlə gülümsündü və yaş əli bərk-bərk sıxdı.

– Qatlinq, bilmirəm sizə necə…

– Dayanın, – Qatlinq birdən diqqətini toplayıb tez əlini çəkdi, – baxın, bizim paroxodun borusundan tüstü çıxır. Miss Kinqman bizi çağırır. Orada nə isə baş verib. Qaçdıq!




Ada sakinləri


Tək qalmış miss Kinqman səhər yeməyi hazırlamağa girişdi. Qatlinqin tutduğu balığı təmizləyib qızartdı, anbara düşüb bir neçə portağal götürdü. Əlində səbət göyərtəyə qalxanda qeyri-adi mənzərə gördü: nahar etdikləri stolun, daha doğrusu, stolun və stulların üstündə meymunlar oynaşırdı. Onlar ciyildəşir, dalaşır, bir-birinə keks atır, ovurdlarını qənd parçaları ilə doldururdular. Miss Kinqman gələn kimi ehtiyat edib göyərtənin qırağına tərəf qaçdılar. Viviana gülüb onlara bir-iki portağal atdı. Bu, dərhal onları dostlaşdırdı. Şimpanzelər oturub iki portağalı üz-gözlərini əyə-əyə davasız-şavasız yedilər, sonrar miss Kinqmana yaxınlaşıb cəsarətlə onun əlindən meyvə götürməyə başladılar. Şübhə yox idi ki, onlar insan cəmiyyətinə öyrəşmişdilər.

Doğrudan da, adamların gəlişi çox çəkmədi.

Miss Kinqmanın başı gözlənilməz qonaqların gülməli hoqqalarına qarışmışdı, buna görə də paroxodun bortu arxasından iki nəfərin ehtiyatla boylandığını görmədi. Əmin olanda ki göyərtədə qadından başqa heç kim yoxdur, naməlum adamlar cəld bortdan aşdılar və silahlarını çiyinlərinə ataraq miss Kinqmana yaxınlaşmağa başladılar.

Qız bu iki nəfərin qəfil gəlişini görcək qışqırdı.

Onlardan biri kök, gödəkboylu adam idi, cənub günəşinin təsiri altında olmasına baxmayaraq solğun və şişkin, çoxdan qırxılmamış üzü vardı, geyiminin bəzi təzadları və bütün xarici görkəmi ilə heyrət doğururdu. Başına əzilmiş, kirli, çox yerləri dəlmə-deşik, təpəsi yumru şlyapa qoymuşdu. Pencəyi yamaqlı olsa da, yaxşı biçimdə olduğu bilinirdi. Amma şalvarı acınacaqlı görkəmdə idi, dizlərindən aşağı saçaq-saçaq sallanmışdı. Əyilmiş laklı ayaqqabıları və boynundakı cırıq-cırıq olmuş fulyar[12 - Fulyar – nazik və yumşaq ipək parça] bantı geyimini tamamlayırdı.

O birisi ucaboy, əzələli, gündən yanmış, qara saqqallı idi, başında “sombrero” adlanan kənarları enli şlyapa, əynində qısaqol qara köynək, ayağında hündür çəkmə, Meksika çobanlarını xatırladırdı. Hərəkətləri cəld və kəskin idi.

– Bonjur, madmazel, – gonbul çox ədəbli tərzdə təzim edib miss Kinqmanı salamladı. – İcazə verin, sizi Məhv Olmuş Gəmilər Adasına uğurlu gəlişiniz münasibətilə təbrik edim.

– Təşəkkür edirəm, hərçənd mən öz gəlişimi uğurlu saymıram… Sizə nə lazımdır?

– Hər şeydən əvvəl icazənizlə özümüzü təqdim edək: Aristid Dode. Mənim soyadım Dodedir, bəli, bəli, Dode. Mən fransızam…

– Bəlkə, yazıçı Alfons Dodenin qohumusunuz? – miss Kinqman qeyri-ixtiyari olaraq soruşdu.

– E… elə də çox uzağa getməyin… Hərçənd mənim, belə demək mümkünsə, ədəbiyyata müəyyən bağlılığım olub. Fransanın cənubunda iri kağız və divar kağızı istehsal edən fabriklərim var idi.

– Boş-boş danışma, Ternip, – yoldaşı qaşqabaqla və hirslə dedi.

– Siz necə də ədəbsizsiniz, Flores! Mən sizə ləyaqətli cəmiyyət içində davranmağı nə vaxt öyrədəcəyəm? Xahiş edirəm ki, mənə Ternip deməyəsiniz. Onlar məni, gördüyünüz kimi, başımın formasına görə zarafatla belə adlandırıblar, onlara elə gəlir ki, başım turpa bənzəyir… – və o, şlyapasını çıxarıb təbiətin qəribə oyunu kimi ortasında bir çəngə tük bitmiş keçəl, sarımtıl kəlləsini göstərdi.

Miss Kinqman doğru verilmiş ləqəbə istər-istəməz gülümsədi.

– Məndən sizə nə lazımdır axı? – Viviana sualını təkrar etdi.

– Biz Məhv Olmuş Gəmilər Adasının qubernatoru Ferqus Sleytonun verdiyi əmrə kor-koranə və dinməz-söyləməz əməl etməliyik: hər təzə gəlmiş adam mütləq ona təqdim olunmalıdır.

– Kim olduğunuzu bilmək şərəfinə nail olmadığım miss, ya missis, sizi inandırım ki, kapitan Sleyton sizi gülərüzlə qəbul edəcək.

– Mən heç yerə getmirəm, – miss Kinqman cavab verdi.

Ternip köksünü ötürdü.

– Mən çox təəssüf edirəm, amma…

– Səni diplomat kimi ələ salacaqlar, – Flores yenə kobud şəkildə müdaxilə etdi və Vivianaya tərəf gəlib amiranə tərzdə dedi: – Siz bizimlə getməlisiniz.

Miss Kinqman müqavimət göstərməyin mənasız olduğunu başa düşdü. Bir az fikirləşib dedi:

– Yaxşı. Mən razıyam. Amma icazə verin, paltarımı dəyişim, – deyib öz işçi paltarını və önlüyünü göstərdi.

– Artıq işdir, – Flores onun sözünü kəsdi.

– Axı bu, çox vaxt aparmayacaq, – Ternip eyni zamanda Floresə və miss Kinqmana müraciət etdi.

– Cəmisi bir neçə dəqiqə! – və qız göyərtəni tərk etdi.

Bir neçə dəqiqədən sonra Flores paroxod borusunun tüstüləndiyini gördü. Bunun hərbi hiylə olduğunu dərhal başa düşdü.

– Lənətə gəlmiş qadın bizə kələk gəldi. Tüstünü görürsən? Bu, siqnaldır. O kimisə köməyə çağırır, – silahı çiynindən götürüb Ternipi danlamağa başladı. – Sənin ucbatından oldu. Qızın qabağında əriyib özündən getdin, razılaşdın. Arvadına deyəcəm!

– Siz düzələn deyilsiniz, Flores. Biz köməksiz qadını zorla apara bilməzdik axı.

– Cəngavərlik! Ədəb-ərkan! Ferqus sənə cəngavər rütbəsi verəcək! Buyursana! – sonra tüfəngi qabağa tutub başı ilə Qatlinqlə birlikdə Simpkinsin aşıb gəldikləri borta işarə etdi. Xəfiyyənin hələ suyu qurumamışdı, üstü-başı yaşıl yosuna bulaşmış, paltarına yengəc yapışmışdı.

– Bu su adamı haradan çıxdı?..

Danışıqlar başlandı. Bu iki səfillə gücünü sınamaq Qatlinqi qorxutmurdu. Ancaq onlar yalan danışmırlarsa, döyüşün heç bir nəticəsi olmayacaq. Onların dediyinə görə, adada bütöv bir əhali – yaxşı silahlanmış qırx üç adam var. Qüvvələr qeyri-bərabərdir, qələbə onların tərəfində olacaq.

Qatlinq Simpkinsi girov qoyub miss Kinqmanla vəziyyəti müzakirə etməyə yollandı. O da döyüşün faydasız olacağı ilə razılaşdı. Qərara alındı ki, hamılıqla gedib özlərini kapitan Ferqusa “təqdim etsinlər”.




Qubernator Ferqus Sleyton


Məhv Olmuş Gəmilər Adasında, sən demə, çox yaxşı rabitə yolları varmış.

Qabaqda gedən Ternip üçgöyərtəli köhnə freqatdan keçib əsirləri “yola” çıxartdı, bunlar gəmiləri birləşdirən və dağılmış göyərtələrin üzərindən keçən körpülər idi. Bütün yolboyu kiçik sütunlara və salamat qalan dorlara bərkidilmiş məftil uzanırdı.

– Buraya! Buraya! Geri qalmayın, miss, – o, miss Kinqmana nəvazişlə müraciət edirdi. Ardınca Qatlinqlə Simpkins gəlirdilər. Sombrerosunu qaşlarına qədər çəkmiş qaşqabaqlı Flores lap arxada addımlayırdı. Yolda qarşılarına cır-cındır geyinmiş, bədənlərini tük basmış, günəşdən yanmış sakinlər: ağdərili şimallılar, qarabuğdayı cənublular, bir neçə zənci və üç çinli çıxdı. Hamısı adanın yeni sakinlərinə həris bir maraqla baxırdı.

Adanın mərkəzində, müxtəlif dövrlərə və xalqlara məxsus kiçik, yelkənli gəmilərin arasında böyük, kifayət qədər yaxşı qalmış “Yelizaveta” freqatı görünürdü.








– Qubernatorun iqamətgahıdır, – Ternip hörmətlə dedi.

Bu iqamətgahın göyərtəsində fəxri qarovula bənzər bir şey dayanmışdı, bunlar eyni və şıq forma geyinmiş əlisilahlı altı matros idi.

Qubernator qonaqları böyük kayutda qəbul etdi.

Bu kayut dağılmış gəmilərin məyusluq yaradan mənzərəsindən sonra istər-istəməz heyrət doğururdu.

O, tamamilə yaşayış üçün uyğunlaşdırılmış və demək olar ki, dəbdəbəli tərzdə bəzədilmişdi. Bəzədilmə tərzinin bir qədər müxtəlif olması onu göstərirdi ki, bu qəribə adaya gələn gəmilərdə yaxşı nə tapılmışdısa, buraya daşınmışdı.

Döşəməyə bahalı İran xalçaları salınmışdı. Divar çıxıntılarına bir neçə yaxşı Çin vazası qoyulmuşdu. Qara palıddan hazırlanmış oyma karnizlı qara divarlardan holland, ispan və italyan ustalarının: Velaskesin, Rubensin, Tisianın, flamand mənzərəçi rəssamı Teynerin gözəl şəkilləri asılmışdı. Burada marıta durmuş bir it etüdü vardı, yanında ipəkdən toxunmuş gözəl bir yapon şəkli asılmışdı. Şəkildə qarla örtülən ağac budaqlarına qonmuş durna və Fudziyama dağının konusu təsvir olunmuşdu.

Böyük, dəyirmi stola on altıncı əsrə aid köhnə, təraşlı Venesiya vazaları, Direktoriya dövrünün bürünc şamdanları və çəhrayı rəngli bir neçə nadir balıqqulağı qoyulmuşdu. Üstünə donuz dərisi salınmış, kənarları qızıl haşiyəli mebel kayuta yaraşıqlı görkəm verirdi.

Adanın qubernatoru Ferqus Sleyton isə kitab şkafına söykənib durmuşdu. O, digər sakinlərdən möhkəm bədən quruluşu, tərtəmiz qırxılmış sifəti və qəşəng kapitan kostyumu ilə fərqlənirdi.

Bir az yastı burnu, iri çənəsi, ehtiraslı ağzı adamda elə də xoş təəssürat oyatmırdı. Boz, soyuq gözləri gələnlərə zillənmişdi. Dinməzcə və sakit-sakit onları süzür, sanki qonaqları öyrənir və özlüyündə nəsə götür-qoy edirdi. Bu, adamların talelərinə onların şəxsi arzu, zövq və maraqlarına məhəl qoymadan sərəncam verməyi öyrənmiş bir adamın baxışı idi. Baxışlarını Simpkinsin üzərində gəzdirib, görünür, onu diqqətəlayiq saymadan uzun müddət miss Kinqmana baxdı, nəzərlərini Qatlinqə, sonra yenə miss Kinqmana yönəltdi…

Bu susqun baxışlar Viviananı utandırmış, Qatlinqi hirsləndirməyə başlamışdı.

– İcazənizlə özümüzü təqdim edək: Recinald Qatlinq, miss Viviana Kinqman, mister Cim Simpkins. Qəzaya uğramış “Veniamin Franklin” paroxodunun sərnişinləri.

Sleyton Qatlinqə əhəmiyyət vermədən hələ də miss Kinqmana baxırdı. Sonra ona yaxınlaşıb nəvazişlə salamlaşdı, əlini Qatlinqlə Simpkinsə saymazyana uzadıb oturmaq üçün yer göstərdi.

– Hə, bilirəm, – dedi, – bilirəm.

Sleytonun onların paroxodunun nə vaxt və harada qəzaya uğramasını dəqiqliklə deməsi Qatlinqi bərk təəccübləndirdi. Onların heç biri bu barədə adalılara bir kəlmə də deməmişdi.

Sleyton miss Kinqmanla xüsusi bir iltifatla davranırdı.

– Miss Kinqman, əgər təsadüf sizi bu kədərli adaya atıbsa, onda biz adalılar belə gözəl bir bəxşiş verdiyi üçün taleyə minnətdar olmalıyıq, – Sleyton hətta gülümsəmədən ağır bir kompliment dedi.

– Təəssüf ki, mən belə rəftar edən taleyə təşəkkür etmək fikrində deyiləm, – miss Kinqman cavab verdi.

– Kim bilir, kim bilir? – Sleyton müəmmalı tərzdə cavab verdi. – Burada ilk baxışdan göründüyü kimi həyat elə də pis keçmir, miss. Siz musiqi ilə məşğul olursunuz? Oxuyursunuz?

– Bəli…

– Əla. Gözəl. Siz burada gözəl erar[13 - Erar – musiqi alətləri düzəldən məşhur fransalı usta Sebastyan Erarın adından götürülmüşdür.] royalı və zəngin not kitabxanası tapacaqsınız. Kitab da bəs edər. Adalılarımız arasında maraqlı adamlar var. Götürək elə bu Ternipi. Düzdür, o, xeyli düşüb, ancaq çox görüb, çox bilir, bir vaxtlar vəziyyəti yaxşı olub. İndi geriləyib, amma yenə də maraqlıdır. Biri də bu alman Lüders. O bizim tarixçimiz və alimimizdir. O bizim gəmidüzəltmə tariximizi öyrənir, axı bizim adamız əsl muzeydir, elə deyilmi?

– Gəmidüzəltmə tarixi? Bu maraqlıdır, – Qatlinq dedi.

– Bunun sizin ixtisasınızla əlaqəsi var? – Sleyton qıyılmış gözləri ilə ona baxıb saymazyana soruşdu.

– Bəli, mən gəmidüzəltmə mühəndisiyəm, – Qatlinq cavab verdi.

Miss Kinqman təəccüblə ona baxdı. O bunu bilmirdi.

– Budur, sizin də maraqlı həmsöhbətiniz olacaq, mister…

– Qatlinq.

– Mister Qatlinq… Lüders bizi əhatə edən gəmilərdəki jurnalları və bütün ölənlərin ölümqabağı yazdığı məktubları toplayaraq çox maraqlı bir kitabxana düzəldib. Amma… bu materialları oxumağı məsləhət görmürəm. Düzdür, onlarca yazıçıya bəs edərdi, ancaq çox kədərlidir. Bu kitabxananı oxuyandan sonra Sarqas dənizi sizə Dantenin cəhənnəmindəki qatlardan biri kimi görünəcək.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289805) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Kil – gəmi gövdəsinin alt hissəsini təşkil edən və gövdə uzununa qoyulan tir




2


Şpanqout – gəmi gövdəsinin əsasını təşkil edən köndələn tir




3


Briq – ikidorlu yelkən gəmisi




4


Braşpil – gəmilərdə lövbəri qaldırmaq üçün mexanizm, bucurqad




5


Qulden – Hollandiyada gümüş pul




6


Bark – böyük yelkənli gəmi




7


Şxuna – iki və ya üçdorlu yelkənli gəmi




8


Tender – birdorlu yelkənli gəmi




9


Freqat – üçdorlu hərb gəmisi




10


Qalera – çoxavarlı qədim gəmi




11


Karavella – üç, ya dörddorlu yelkənli gəmi




12


Fulyar – nazik və yumşaq ipək parça




13


Erar – musiqi alətləri düzəldən məşhur fransalı usta Sebastyan Erarın adından götürülmüşdür.



Bu macəra romanı “Benjamin Franklin” adlı gəminin qəza nəticəsində əsrlər boyu qəzaya uğramış gəmilərdən yaranan naməlum bir adaya gəlib çıxmasından bəhs edir.

Как скачать книгу - "Məhv olmuş gəmilər adası" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Məhv olmuş gəmilər adası" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Məhv olmuş gəmilər adası", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Məhv olmuş gəmilər adası»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Məhv olmuş gəmilər adası" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги серии

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *