Книга - Əcdadların harayı

a
A

Əcdadların harayı
Cek London


Dünya ədəbiyyatından seçmələr
Alyaskanın sərt soyuğuna, insanların amansız rəftarına baxmayaraq sağ qalmağı bacaran Bak adlı itin həyatından bəhs edən bu roman onu oxuyan hər kəsi çox təsirləndirəcək.





Cek London

ƏCDADLARIN HARAYI





İBTİDAİ HƏYATA DOĞRU


Qədim sərsəri duyğular
Qırır adət zəncirini.
Vəhşi qalxıb yuxusundan
Tutur yenə öz yerini.


Bak qəzet oxumurdu. Haradan biləydi ki, təkcə onu yox, Pyucet körfəzindən San-Diyeqoya qədər böyük ərazidə yaşayan güclü və uzuntüklü sahil itlərinin hamısını müdhiş bir təhlükə gözləyir. Arktikanın qütb qaranlığında eşələnən adamlar orada sarı metal tapmış, gəmi və nəqliyyat şirkətləri bu tapıntı barədə aləmə car çəkmiş və minlərlə adam Şimala can atmağa başlamışdı. Bu adamlara itlər lazım idi. Elə qüvvətli itlər ki, ağır zəhmətə tab gətirən güclü bədənləri və şaxtadan qorunmaq üçün qalın, uzun tükləri olsun.

Bak günəşli Santa-KIara vadisindəki böyük bir evdə yaşayırdı. Oranı "Hakim Millerin malikanəsi" adlandırırdılar. Ev yoldan kənarda yerləşirdi və bağ-bağatla əhatə olunmuşdu. Budaqların arasından tənha evi dörd tərəfdən əhatə edən şüşəbənd görünürdü. Budaqları bir-birinə sarınmış qamətli qovaq ağaclarının altındakı geniş çəmənliyədək çınqıl döşənmiş cığır uzanırdı. Mülkün arxasındakı ərazi daha geniş idi. Orada yan-yörəsində çoxlu mehtər və onların köməkçiləri əlləşən tövlələr, üzümlüklərə baxan nökərlər üçün balaca evlər, həyətdə nizamla sıralanmış tikililər, göz işlədikcə uzanan yaşıl otlaqlar, meyvə və giləmeyvə, üzüm bağları vardı. Sonra isə artezian quyusu üçün nasos qurğusu və hakim Millerin oğlanlarının hər səhər üzdükləri böyük hovuz gəlirdi.

Bu nəhəng mülkü Bak qoruyurdu. O, burada doğulmuş və ömrünün dörd ilini bu yerlərdə keçirmişdi. Əlbəttə, burada başqa itlər də vardı. Lakin onları heç kim vecinə almırdı.

İtlər gəlib-gedir, darısqal damlarda məskən salır, mülkün xəlvət yerlərində küskün həyat keçirirdilər – çox nadir hallarda burnunu qapıdan bayıra çıxarıb həyət-bacada gəzən məzlum itlər – yapon mopsu[1 - Mops – kökü qədim Çindən gələn balaca, dekorativ it cinsi] Tuts və tamamilə tüksüz Meksika cinsli[2 - Meksika cinsi – bu cinsdən olan itlərə həm də “çılpaq cins” deyirlər, çünki onların tük örtüyü yoxdur.] İzabel kimi. Bundan başqa, orada iyirmiyə yaxın foksteryer cinsli[3 - Meksika cinsi – bu cinsdən olan itlərə həm də “çılpaq cins” deyirlər, çünki onların tük örtüyü yoxdur.] ov iti yaşayır, pəncərədən onlara baxan Tuts və İzabelə qəzəblə hürürdülər. Hücumun qarşısını ancaq süpürgə və xəkəndazla silahlanmış qulluqçular alırdılar.

Bak isə nə otaq iti idi, nə də həyət. Bütün malikanə onun ixtiyarındaydı. O, hakimin oğulları ilə hovuzda üzər və ova gedərdi. Qaş qaralanda və dan yeri söküləndə hakimin qızları Molli və Elisi gəzintidə müşayiət edərdi. Uzun qış gecələrində isə kitabxanada alışıb-yanan buxarının önündə hakimin ayaqları arasında xumarlanardı. O, hakimin nəvələrini belində gəzdirər, çəmənlikdə onlarla birgə mayallaq aşar, arxa həyətdəki fəvvarə tərəfə və hətta daha uzaqlara – örüşə və meşəyə gedərkən onları gözlənilə bilən hər bir xata-baladan qoruyardı. O, teryerlərin[4 - Teryer – boyu çox kiçik olan bu it cinsindən gəmiricilərlə mübarizədə istifadə olunur.] yanından təkəbbürlə keçər, Tuts və İzabeli isə vecinə də almazdı. Çünki o, kral idi – hakim Millerin malikanəsində insanlar da daxil olmaqla sürünən, yeriyən və uçan nə varsa, hamısının kralı!

Bakın senbernar cinsli[5 - Senbernar cinsi – əcdadları Orta Asiya itləri olan bu itlər iri və ağırçəkili olmaları ilə seçilir.] nəhəng atası Elmo vaxtilə hakimin sadiq həmdəmi olmuşdu. Bak da atasının yolu ilə getmək fikrində idi. Amma o, çox da iri deyildi, ağırlığı cəmi-cümlətanı yüz qırx funt[6 - Senbernar cinsi – əcdadları Orta Asiya itləri olan bu itlər iri və ağırçəkili olmaları ilə seçilir.] idi, çünki anası Şep şotland qoyuniti cinsindəndi. Lakin yüz qırx funtun üstünə yaxşı yaşayış və hərtərəfli hörmətdən doğan ləyaqəti də gəlsəydin, onun özünü hansı səbəbdən şahanə aparmasını anlamaq olardı. Yaşadığı dörd il ərzində Bak tox zadəgan həyatı keçirmişdi. Tənhalıqda yaşayan bəzi kənd "ziyalıları" kimi o, həddindən artıq məğrur, bir az da xudbin idi. Ov və digər əyləncələr onu kökəlməkdən qorumuş, əzələlərini gücləndirmişdi. Soyuq suda üzmək vərdişi isə canını buz baltasına döndərmişdi.

Klondaykda qızıl tapılana və dünyanın hər tərəfindən adamları şaxtalı Şimala çəkib apardığı 1897-ci ilin payızınadək o bax bu cür həyat sürdü. Lakin Bak qəzet oxuya bilmirdi. O nə biləydi ki, bağban köməkçisi Manuellə tanışlıq xoşagəlməz nəticələr verəcək?! Manuelin əsas nöqsanı qumar oynamağa qızğın şəkildə girişməsiydi. Bağban köməkçisinin qazancı isə heç arvad-uşağının ehtiyaclarını belə ödəmirdi.








Manuelin satqınlıq etdiyi həmin unudulmaz gecə hakim üzümçülər cəmiyyətinin müşavirəsinə getmişdi. Oğullarının başı isə atletika klubu yaratmağa qarışmışdı. Ona görə də Manuellə Bakın bağdan keçib-getdiyini heç kəs görmədi. Baka elə gəldi ki, o, həmişəki gəzintilərdən birinə çıxır. Onların Kollec Park adlanan kiçik bir yarımstansiyaya gəldiyini təkcə bir adam gördü. Həmin adam Manuellə nəsə xısınlaşdı və bir əldən digərinə qoyulan pul cingiltisi eşidildi.

– Malı mənə satmazdan qabaq yapışmağa bir şey qoyaydın, – deyə naməlum şəxs deyindi. Manuel ikiqat möhkəm ipdən olan xaltanı Bakın boynuna keçirtdi.

– Elə dart ki, nəfəsi kəsilməsin, – Manuel dilləndi və yad adam razılıq əlaməti olaraq nəsə donquldandı.

Boynuna ip keçirilməsinə Bak ləyaqətlə dözdü. Düzdür, bu onun üçün qeyri-adi bir səhnə idi, lakin o, tanıdığı adamlara inanmağa adət etmişdi və belə qənaətdə idi ki, adamların ağlı daha çoxdur. Lakin yad adam ipin bir ucunu əlinə alanda it hədələyici tərzdə mırıldandı. O, sadəcə, narazılığını bildirdi və demək istədi ki, narazılıq əmrə bərabərdir. Lakin ip möhkəm dartılanda və az qala boğulmaq həddinə çatanda onu təəccüb bürüdü. İt qəfil bir azğınlıqla kişinin üstünə atıldı, kişi isə onu qabaqlayıb boğazını daha bərk sıxdı və cəld hərəkətlə arxasıüstə çevirdi. Bakın dili ağzından çıxmışdı, nəhəng köksü ilə zorla nəfəs alırdı, lakin quduz kimi mübarizə aparırdı. Ömründə heç kim onunla belə kobud rəftar etməmişdi və o heç vaxt bu cür qəzəblənməmişdi. Gücü getdikcə tükənir, gözlərinə qaranlıq çökürdü, buna görə də qatar gəlib çıxanda və iki nəfər onu yük vaqonuna atanda Bakın huşu özündə deyildi.

Bir balaca özünə gələndən sonra Bak hiss etdi ki, dili yaralanıb və hansısa nəqliyyat vasitəsində yol gedir. Yolayrıcında parovozun xırıltılı fitindən harada olduğunu başa düşdü. O, hakimlə birgə o qədər səyahətə çıxmışdı ki, yük vaqonunu tanımaya bilməzdi. Gözlərini açdı. Baxışlarında sanki əsir düşmüş kralın sonsuz qəzəbi parıldayırdı. Kişi onun boğazından yapışmaq istədi, lakin bu dəfə Bak zirək tərpəndi, onun əlini elə möhkəm dişlədi ki, əgər kişi ipi dartmasaydı, yəqin ki, Bak onun əlini parçalayacaqdı.

– Onun tutması var! – deyə kişi yaralanmış əlini gizlədərək hay-küyə gəlib çıxmış bələdçiyə baxdı. – Bunu sahibim üçün aparıram. Orada məşhur bir baytar həkim var, sağaltsa, ancaq o sağaldar.

Bakın oğrusu az sonra San-Fransiskodakı liman meyxanasının dal otağında bütün məharətini işə salaraq bugecəki hadisələrdən söz açdı:

– Bu lənətə gəlmişə görə cəmi-cümlətanı əllilik alacağam, – deyə o şikayətləndi. – Bilsəydim belə olacaq, heç min dollara da bu işə qol qoymazdım.

Onun cib dəsmalı əlinin qanına bulaşmışdı, şalvarının sağ balağı isə dizdən aşağı cırılmışdı.

– Bəs o biri oğlana nə qədər çatdı? – deyə meyxanaçı maraqlandı.

– Yüz dollar. Ancaq narazı qaldı.

– Demək, belə çıxır ki, yüz əlli, – meyxana sahibi dilləndi.

– Başım haqqı, it bu pula dəyər.

Oğru qanlı dəsmalını açdı və dişlənmiş əlinə baxdı.

– Quduz olmasam, yaxşıdır.

– Qorxma, olmazsan. Sənin alnında dar ağacında sallanmaq yazılıb, – deyə meyxanaçı güldü. – Yaxşısı budur, it aradan çıxmamış mənə bir az kömək et.

Karıxmış, yarıboğulu, boğazındakı və ağzındakı dözülməz ağrılardan dəhşətə gələn Bak inadla əldən çıxmağa çalışırdı. Lakin boynundakı ağır mis xaltanı mişarlayıb çıxarana kimi onu hər dəfə vurub döşəməyə sərir və iplə boğurdular. Sonra ipi də çıxartdılar və onu qəfəsə oxşayan bir yeşiyə saldılar. Bak qəzəbdən az qala partlayacaqdı. Mənliyi tapdanmış it həmin üzücü gecənin qalan yarısını da beləcə yeşikdə keçirtdi.

Bu yad adamlar, görəsən, ondan nə istəyirdilər? Onu niyə dar qəfəsə salmışdılar? Bunun səbəbini bilmirdi, amma təhlükəni qabaqcadan dumanlı şəkildə hiss etməsi ona əziyyət verirdi. Bak gecə ərzində açılan qapı səsinə neçə dəfə durub baxdı və ona elə gəldi ki, bax bu saat hakimi və onun oğullarını görəcək. Lakin hər dəfə piy şamın zəif işığında ona göz yetirməyə gəlmiş meyxanaçının sifəti görünürdü və hər dəfə də Bakın könlündən keçən sevinc hürüşləri hiddətli mırıltıyla əvəz olunurdu. Meyxana sahibi isə ona heç toxunmurdu. Ertəsi gün dörd nəfər varid olub yeşiyi qaldırdı.

"Əzab verməyə bircə bunlar çatışmırdı", – Bak fikirləşdi. Çünki onlar şübhəli məxluqlara oxşayırdılar. Cır-cındır geyimləri, pırtlaşıq saçları vardı. Buna görə də o, qəfəsin içindən onların üstünə dişlərini qıcayıb mırıldandı. Onlar isə ancaq güldülər və onu çubuqladılar. Bak bu adamların məqsədini başa düşən kimi çubuqları dişləriylə tutdu. Bundan sonra o, bikef halda uzandı və yeşiyin furqona aparılmasını sakit qarşıladı.

Dustaq olduğu yeşiklə Bak əldən-ələ keçirdi. Əvvəlcə onunla nəqliyyat idarəsinin qulluqçuları məşğul oldular və iti başqa furqona mindirib bir az da uzağa apardılar. Sonra müxtəlif çeşidli yeşik və bağlamalarla yüklənmiş bərə ilə yola saldılar. Daha sonra o, böyük bir dəmiryol vağzalına düşdü və nəhayət, onu yenidən yük vaqonuna qoydular.

Vaqon iki gün iki gecə qulaqbatırıcı fit verən parovozun arxasınca süründü. Bu müddət ərzində Bak nə yemək yedi, nə də su içdi. Acığından vaqon bələdçilərinin ona göstərdikləri qayğını belə mırıltı ilə qarşıladı və onlar bunun əvəzini iti cinlətməklə çıxdılar. İt soyuqdan donmuş halda, titrəyə-titrəyə qəfəsdə atılıb-düşdükcə onlar istehzayla gülür və onu lağa qoyurdular. Onlar yaramaz həyət itləri kimi mırıldayır, hürür, miyovuldayır və qollarını yelləyib xoruz kimi banlayırdılar. Bak başa düşürdü ki, bunların hamısı səfehlikdir. Lakin bu hərəkətləri heysiyyətinin təhqir olunması kimi qəbul edir və qəzəbi coşub-daşırdı. Aclığı heç vecinə almırdı, ancaq susuzluq ona böyük əzab verir və heydən salırdı. Bakın yüksək hərarəti vardı, üstəlik, şişən və susuzluqdan yanan boğazı və dili yara bağlamışdı.

Bir şeyə şad idi ki, ipi boğazından çıxarmışdılar. Boğazının ipli olması düşmənlərinə ədalətsiz üstünlük verirdi. İp çıxarıldıqdan sonra isə o özünü göstərə bilərdi. Daha boynuna ip sala bilməyəcəklər! Buna qəti əmin idi. İki gün iki gecə nə yedi, nə içdi. Bu iki gün iki gecənin əzabı onu o qədər kinli etmişdi ki, ona birinci toxunan hər hansı adamı arzuolunmaz aqibət gözləyirdi. Gözləri qanla dolmuş və sanki əsl yırtıcıya dönmüşdü. O qədər dəyişmişdi ki, indi hətta hakim belə onu tanıya bilməzdi. Elə bu səbəbdən Sietl stansiyasında onu yerə düşürəndə qatar bələdçiləri rahatlıqla nəfəs aldılar.

Dörd hambal Bakın yeşiyini vaqondan ehtiyatla çıxarıb hündür hasarla əhatə olunmuş bir həyətə apardı. Boynuna kip yapışan qırmızı sviter geymiş bir kişi onların qabağına çıxdı və qəbul barədə çarvadarın kitabına qol çəkdi.

"Bu da, deyəsən, yeni zalım olacaq", – Bak düşündü və vəhşicəsinə qəfəsin barmaqlığına sarı atıldı. Sviterli kişi pərt-pərt gülümsədi, balta və dəyənək gətirdi.

– Siz onu indi buraxmaq istəyirsiniz? – çarvadar heyrətlə soruşdu.

– Bəli, – sviterli kişi cavab verdi və onun təəccübünə məhəl qoymadan yeşiyə balta vurmağa başladı.

Yeşiyi gətirmiş dörd nəfər cəld dağılışıb gözlənilən tamaşanı seyr etmək üçün hündür hasarın üstünə dırmaşdı.

Bak balta ilə sökülən qəfəsin divarına cumdu, onu dişiylə gəmirdi və var gücünü işə salaraq vuruşdu. Balta çöl tərəfdən dəyəndə mırıldayaraq taxtaya içəridən hücum etdi. O, qəfəsdən qurtulmağa hər vasitə ilə cəhd göstərirdi. Çünki hiss edirdi ki, qırmızı sviterli kişi onu buraxmaq niyyətindədir.

– Buyur, qırmızı gözlü şeytan! – kişi Bakın bədəninin keçə biləcəyi dəlik açdıqdan sonra dilləndi. Tez baltanı atıb dəyənəyi sağ əlinə aldı.

Bu an Bak, həqiqətən də, qırmızı gözlü şeytana bənzəyirdi. O, tüklərini tamam qabartmış və tullanmağa hazır dayanmışdı. Ağzından köpük axırdı, qanla dolmuş gözlərində azğın bir parıltı vardı. O, iki gün qəfəsdə saxlanılmasının açığına özünün yüz qırx funtluq bədənini qəzəblə kişinin üstünə atmağa hazır idi. Belə də etdi. Az qalmışdı ki, caynaqları ilə kişini qamarlasın. Lakin bu an göydəcə elə zərbə aldı ki, bədəni uçundu və dişləri zoqquldadı. O, havada dövrə vurub yanıüstə yerə dəydi. Bak ömründə, bir dəfə də olsun, dəyənəklə döyülməmişdi, buna görə də özünü itirdi. Zingilti ilə hürdü, ayağa qalxdı və yenidən kişinin üstünə atıldı. Bu dəfə də sarsıdıcı zərbədən yerə yıxıldı. İndi o anladı ki, güc dəyənəkdədir, lakin dəlilik dərəcəsində olduğundan buna əhəmiyyət vermədən dəfələrlə kişinin üstünə atıldı və hər dəfə də dəyənək onu havadaca saxlayıb yerə sərdi.

Xüsusilə bir ağır zərbədən sonra Bak güclə ayağa qalxdı. O elə sarsılmışdı ki, mübarizə aparmağa halı qalmamışdı. O axsayır, burnundan, ağzından və qulaqlarından qan gəlirdi. Tükləri qana bulaşmışdı. Az sonra qırmızı sviterli kişi ona yaxınlaşdı, soyuqqanlı halda onun burnuna ağır zərbə endirdi. Bakın indiyə qədər keçirdiyi ağrılar bu zərbənin yanında toya getməli idi. O, qeyzlənmiş şir kimi nərildədi və yenidən kişinin üstünə atıldı. Lakin kişi dəyənəyi sağ əlindən sola keçirdi, sakitcə onun alt çənəsindən yapışdı və ora-bura dartdı. Bak havada bütöv bir dövrə, sonra yarımdövrə vurdu, daha sonra sinəsiüstə guppultu ilə yerə sərildi. Özünü ələ alıb son dəfə sıçradı. Kişi bilə-bilə yığıb axıra saxladığı gücü ilə ona sarsıdıcı bir zərbə vurdu. Bak tamamilə məğlub edilmiş halda yerə sərildi.








– Afərin! – hasara dırmaşanlardan biri şövqlə çığırdı. – Özündən deyən iti belə ram etmək olar ha!

Bakın huşu özünə qayıtmışdı, lakin qüvvəsi yoxdu. Düşdüyü yerdəcə uzanıb qırmızı sviterli kişini müşahidə edirdi.

– Demək, "Bak" ləqəbiylə çağırılır, – kişi meyxana sahibinin Bakın yükləndiyi yeşiyin göndərilməsindən xəbər verən məktubunu oxuyarkən ucadan dilləndi.

– Yaxşı, Bak, əzizim, – o, sevinclə sözünə davam etdi, – səninlə bir balaca zarafat etdik və yaxşı olar ki, bütün bunları unudaq. Əgər sən öz yerini bilsən, mən də sənə dəymərəm. Sözə qulaq assan, mən də yaxşı olaram və hər şey yağ kimi gedər. Amma pis olsan, nəfəsini kəsərik. Başa düşdünmü?

O danışdıqca bayaqdan min oyun açdığı Bakın başını tumarlayırdı. Bak isə ona hər dəfə əl toxunduqca qeyri-ixtiyari olaraq tüklərini qabartmasına baxmayaraq, etiraz etmədən dözürdü. Kişi ona su gətirəndə acgözlüklə içdi. Sonra dəbdəbəli yeməyi – çiy əti yeni sahibinin əlindən tikə-tikə aldıqca onları da eyni acgözlüklə uddu.

O məğlub edilmişdi. Bunu yaxşı bilirdi. Lakin hələ fəth edilməmişdi. O, birdəfəlik başa düşdü ki, dəyənəkli adama qarşı çıxmaq mümkün deyil. Aldığı dərsi ömrü boyu unutmayacaqdı. Dəyənək onun üçün bir kəşf idi: o, Bakı ibtidai həyat qanunlarının hökm sürdüyü bir aləmə aparıb çıxarmışdı və Bak bu qanunu çox tez öyrəndi. O, həyatın sərt həqiqəti ilə üz-üzə durmuşdu və bu onu qorxutmurdu. Onda artıq anadangəlmə vəhşi hiyləgərlik baş qaldırmışdı.

Günlər keçdikcə yeşiyə salınmış və boğazına ip bağlanmış yeni itlər gətirilirdi. Bəziləri həlim və sakit, bəziləri isə Bak kimi kinli və dalaşqan olurdu. O, bir şeyi müşahidə edirdi ki, onların hamısı qırmızı sviterli kişinin iradəsi altında ram olurdu. Dəfələrlə bu sərt təlimin hər birinə baxdıqca o, bir həqiqəti daha aydın dərk edirdi: dəyənəkli adam sahibdir, onu mütləq sevmək lazım olmasa da, tabe olmaq gərəkdir. Elə buna görə də digər döyülmüş itlər kimi, sahibinin qılığına girməsə də, ona quyruq bulamasa da, əlini yalamasa da, ona tabe olurdu. O, barışığa razı olmayan, tabelik göstərməyən bir itin axırda necə gəbərdildiyini də görmüşdü.

…Hərdənbir özgə adamlar gəlir, qırmızı sviterli kişi ilə nə haqdasa bəzən acıqla, bəzən yaltaqcasına danışırdılar. Belə danışıqlardan sonra əldən-ələ pul keçəndə həmin adamlar özləri ilə bərabər bir və ya bir neçə it də aparırdılar. Onların haraya aparılması Bakı çox düşündürürdü, çünki itlər daha heç vaxt geri qayıtmırdılar. Bu qəribə yoxaçıxmalar onu elə qorxudurdu ki, hər dəfə alıcıların gözündən yayındıqda buna sevinirdi.

Amma bir gün onun da növbəsi gəlib çatdı. Onu daimi qorxu altında saxlayan gələcək taleyi çox arıq, üzü qırışlı bir adamın sifətində oxundu. O, ingilis dilində sözləri çeynəyə-çeynəyə deyir, tez-tez qəribə, sərt ifadələrlə Bakın mənasını başa düşə bilmədiyi kəlmələr işlədirdi:

– Lənət şeytana, – gözü Baka sataşan kimi o dilləndi. – Bax buna deyərlər it! Əla! Neçəyədir?

– Üç yüzə. Demək olar, lap havayı, – qırmızı sviterli kişi cəld cavab verdi. – İnad etmə, Perro. Pul özünün deyil ki! Xəzinənindir.

Perro gülümsədi. Adi itlər üçün alınan çox böyük məbləğin müqabilində bu cür gözəl itə görə tələb olunan pul ona elə də çox görünmürdü. Kanada hökuməti bu alverdən itirməyəcəkdi. Perronun itlərdən başı yaxşı çıxırdı və o, bir baxışdan təyin etdi ki, on min itdən biri məhz bu cür çıxa bilər.

Bak əldən-ələ keçən pulları gördü və üzü qırışlı kişi onu və mehriban təbiətli, Nyufaundlend cinsindən[7 - Nyufaundlend cinsi – kökü Kanadadan gələn qoşqu iti] olan Kerlini özü ilə aparanda heç də təəccüblənmədi. Bak qırmızı sviterli kişini bir daha görməyəcəkdi. O və Kerli "Narval" gəmisinin göyərtəsindən getdikcə uzaqlaşıb gözdən itən Sietl şəhərinə baxarkən heç ağıllarına da gəlmirdi ki, isti cənubla birdəfəlik vidalaşırlar.

Perro onların ikisini də aşağı apardı və Fransua adlanan qaradərili nəhəngə təhvil verdi. Kanadalı Perronun da dərisi qara idi. Lakin Fransuanınkı ikiqat qaraydı. Bak bu irqdən olan adamları ilk dəfə görürdü və özündə onlara qarşı heç bir xoş duyğu hiss etməsə də, yeni sahiblərinə haqq qazandırır və onlara hörmət hissi duyurdu. O, tezliklə əmin oldu ki, Perro və Fransua ədalətli və sakit adamlardır. Onlar qətiyyən tərəfkeşlik etmədən hər bir iti öz əməlinə görə cəzalandırır və itlərin xasiyyətini əla bilirlər, buna görə də heç bir it onlara kələk gələ bilməzdi.

Gəmidə Bak və Kerliyə daha iki it qoşuldu. Onlardan biri nəhəng, qar kimi ağappaq it idi. Sonralar o, geoloji ekspedisiyanı müşayiət etdi. Həmin it çox hiyləgərdi. Qılığa girməyi də, pislik etməyi də eyni dərəcədə yaxşı bacarırdı. O elə ilk yal zamanı Bakın ət payının bir hissəsini çırpışdırdı. Bak cəld itin üstünə atıldı, ancaq Fransua Bakı qabaqladı. Havada qıvrılan qamçı oğrunun belində şaqqıldadı. Baka isə yalnız öz sümüyünü gəmirmək qaldı.

O biri it isə heç kimin qılığına girmir, heç kəsdə rəğbət doğurmurdu. Təzə gətirilən itlərdən oğurluq etməyə cəhd də göstərmirdi. O, kədərli və qaşqabaqlı idi və aydın şəkildə hiss etdirirdi ki, ancaq bir şeyin arzusun-dadır: ona toxunmasınlar. Əgər dəysələr, özlərindən küssünlər. Deyv adlı bu it ancaq yeyir və yatırdı, yatmayanda isə daim əsnəyir, heç bir şeylə maraqlanmırdı. Hətta gəmi bir dəfə tufana düşüb şahə qalxaraq quduz kimi çapalayanda, Bak və Kerli qorxudan az qala huşlarını itirdikləri vaxt Deyv ancaq arabir narazı halda başını qaldırır, onları laqeyd nəzərlərlə süzür, əsnəyir, sonra isə yatırdı.

Gəmidə olduqları müddət ərzində günlər bir-birinə bənzəyirdi, lakin Bak hiss edirdi ki, hava getdikcə soyuyur. Nəhayət, bir səhər gəmi pərinin şaqqıltısı kəsildi və gəmidə vurnuxma başlandı. Bak da başqa itlər kimi bunu hiss etdi və anladı ki, nə isə dəyişiklik gözlənilir. Fransua onları sıraya düzdü və göyərtəyə çıxartdı. Göyərtənin soyuq səthinə pəncəsini basan kimi Bak hiss etdi ki, ayaqları sıyığa oxşayan ağ bir şeyə batdı. O geri sıçradı. Bu cür sıyıq göydən də yağırdı. Bak silkindi, lakin ağ sıyıq elə hey onun üstünə səpələnirdi. İt maraq üçün onu iylədi, sonra dili ilə yaladı. Sıyıq od kimi yandırdı və dərhal dilinin üstündə əridi. Bu, Bakı heyrətləndirdi, o, yenə də yaladı və bu dəfə də sıyıq dilində əridi. Ətrafda qəhqəhə qopdu və o, adamların nəyə güldüyünü başa düşməsə də, xəcalət çəkdi. Çünki Bak ilk dəfə idi ki, qar görürdü.




DƏYƏNƏK və DİŞ QANUNU


Dayi çayının sahilində ilk gün Baka dəhşətli qarabasma kimi görünürdü. Sanki onu hər an yaralayır və qorxudurdular. Onu qəfildən yaşadığı dövrdən qoparıb hansısa ibtidai aləmə atmışdılar.

Günəş şüaları altında avara-avara gəzməkdən bezdiyi o ləzzətli və tənbəl həyata son qoyulmuşdu. Burada nə dinclik, nə istirahət, nə də təhlükəsizlik vardı. Hamı qarmaqarışıqlıq içində idi və sanki hər an ölüm təhlükəsi gözlənilirdi. Daim ayıq-sayıq olmaq lazım gəlirdi, çünki buranın itləri də, adamları da şəhərlərdəkinə oxşamırdılar. Onların hamısı vəhşi idi, hamısının da tanıdığı bircə qanun vardı – dəyənək və diş qanunu.

Bak heç vaxt itlərin belə vuruşmasını görməmişdi. Bunlar əsl canavar təbiətli itlər idi və elə ilk tamaşa Baka unudulmaz dərs verdi. Düzdür, birinci davada o iştirak etmədi, yoxsa oradan salamat çıxmayacaqdı. İlk qurban da o deyil, Kerli oldu. Onların ikisini də tirdən düzəldilmiş komanın yanında yerləşdirmişdilər. Orada Kerli nəhəng canavar böyüklükdə olan cüssəli və güclü bir itlə mehribancasına oynaşmağa başladı. Heç gözlənilmədən şimşək kimi sıçrayış baş verdi, dəmir cingiltisinə bənzər diş şaqqıltısı eşidildi, cəld geriyə tullansa da, Kerlinin ağzı gözünə qədər cırıldı.

Bu, eynilə canavar döyüşünə bənzəyirdi: hücum etmək və o saat da geri çəkilmək. Lakin iş bununla bitmədi. Otuz-qırx it elə o dəqiqə tökülüşüb gəldi və vuruşanların ətrafında dinməz halda, qulaqlarını şəkləyərək dövrə vurmağa başladı. Bak onların belə sakit gərginliklə nəyi gözlədiyini və çənələrini niyə acgözlüklə ləhlətdiyini əvvəlcə başa düşmədi. Kerli rəqibinin üstünə atıldı, o isə Kerlini dişləyib kənara sıçradı. Sonra Kerlinin ikinci sıçrayışını sinəsiylə qarşıladı və elə cəld dəf etdi ki, Kerli ayaqları üstə güclə durdu. O bir daha özünə gələ bilməzdi. Sən demə, döyüşü izləyən itlər də elə bunu gözləyirmiş. Onlar zingilti və mırıltı ilə Kerlinin ətrafına yığışdılar və Kerli ölümqabağı ağrıdan qıvrılıb inildəyərək onların tüklü bədənlərinin altında görünməz oldu.

Bütün bunlar o qədər qəfil və gözlənilmədən baş verdi ki, Bak özünü tamamilə itirdi. O, Şpitsbergendən gətirildiyi üçün Şpits ləqəbini daşıyan itin gülmək əlaməti olaraq qırmızı dilini necə çıxardığını və Fransuanın başını yelləyərək itlərin içərisinə necə soxulduğunu gördü. Dəyənəklə silahlanmış üç kişi itləri qovmaqda ona kömək edirdi. Kerlinin yıxılmasından iki dəqiqə sonra ona hücum edənlərdən ən sonuncusu da hadisə yerindən qovuldu. Lakin Kerli didilib-dağılmış, qanına bələnmiş halda tapdanmış qarın üstündə qalmışdı. Fransua isə onun başı üstündə dayanıb var gücüylə nəyisə söyürdü. Bu səhnə sonralar Bakın yadına tez-tez düşür və hətta onu yuxuda da həyəcanlandırırdı. Demə, həyat belə imiş! Onda ədalət deyilən şey yox imiş! Bircə dəfə yıxıldın, qurtardı getdi, deməli, axırın çatdı. Odur ki möhkəm dayanmaq lazımdır! Şpits yenidən dilini çıxartdı və gülməyə başladı və elə bu andan Bakda ona qarşı kəskin və öldürücü bir nifrət oyandı.

Kerlinin faciəvi ölümündən hələ özünə gəlməmiş Bak yeni bir zərbə aldı. Fransua ona qayış qoşqu keçirtdi. Bu, eynilə doğma yerlərində mehtərlərin atlara keçirdikləri qoşquya bənzəyirdi. Orada atların gördükləri işi burada Bak yerinə yetirməliydi. O, Fransuanı kirşədə vadini əhatə etmiş meşəyə odun qırmağa aparırdı. Qoşquda getmək mənliyinə toxunsa da, özünü ağıllı aparmağa məcbur idi. O özünü ələ alıb bütün bunların yeni və qəribə şey olduğuna baxmayaraq, yaxşı işləməyə çalışırdı. Fransua ciddi idi, tələb edirdi ki, ona dərhal qulaq assınlar və buna qırmanc gücünə nail olurdu. Üstəlik, Bak hər hansı bir diqqətsizlik edəndə daldan gələn təcrübəli Deyv də onun budunu dişləyirdi. Qoşqunun "rəhbəri" Şpits idi və Bak yoldan çıxanda o, acıqlı və narazı halda mırıldanır və bədəninin bütün gücünü yan qayışa tökərək onu yoluyla düz getməyə vadar edirdi.

Bak təlimi tezliklə mənimsədi, iki qoşqu yoldaşı və Fransuanın birgə rəhbərliyi altında yaxşı səriştə qazandı. Düşərgəyə qayıtmazdan əvvəl artıq bilirdi ki, "ho" harayı "dayan" deməkdir, "marş" komandası verilsə, irəli qaçmaq lazımdır. O bilirdi ki, döngələrdə qaçış sürətini azaltmaq, yüklü kirşələr dağ yolu ilə gedəndə isə arxaya qoşulandan aralı durmaq lazımdır.

– İtlərin üçü də yaxşıdır, – Fransua geri qayıtdıqda Perroya dedi. – Bu Bak yaman işləkdir. Tezliklə ona necə lazımsa, dərs verərəm.

Günortaçağı təcili hökumət poçtunu aparmalı olan Perro daha iki it gətirdi. Billi və Co adlanan iki qardaş layka cinsindən idilər. Bir ananın oğulları olsalar da, bir-birindən yerlə göy qədər fərqlənirdilər. Billinin mənfi cəhəti həddindən artıq ürəyiaçıq olmasında idi. Co isə qaşqabaqlı və qaradinməz idi. O hey mırıldanır və hamını kinli-kinli süzürdü.

Bak Billi və Conu səmimiyyətlə qarşıladı, Deyv onlara sarı heç baxmadı da. Şpits isə fürsəti fövtə vermədən əvvəlcə birinə, sonra digərinə hücum çəkdi. Billi əvvəlcə dostcasına quyruğunu buladı. Amma görəndə ki dinclik kara gəlməyəcək, qaçmaq istədi, yenə bir şey çıxmadı, Şpitsin iti dişləri böyrünə sancıldı. O, ağrıdan yalvarıcı tərzdə uladı. Şpits Coya bir neçə dəfə hücum etməyə cəhd göstərsə də, Co hər dəfə tüklərini qabardıb qulaqlarını şəkləyir və onu mırıltıyla qarşılayırdı. Conun gözləri şeytan gözləri kimi parıldayırdı. Görkəmi o qədər dəhşətli idi ki, Şpits ona dərs vermək niyyətindən əl çəkməli oldu. Lakin Şpits öz məğlubiyyətini büruzə verməmək üçün hələ də yanıqlı-yanıqlı zingildəyən zavallı Billinin üstünə atıldı və onu düşərgənin lap qurtaracağına qədər qovdu.

Axşamçağı Perro uzun və qıvraq bədənli, lakin qoca bir qoşqu iti gətirdi. Onun üz-gözü çapıq və yara yerləri ilə dolu idi. Təkcə bir gözü salamat qalmışdı. Lakin bu yeganə göz mərdlik ifadə edən cəsarətli bir qığılcımla parıldayır, hamıda istər-istəməz ona qarşı hörmət doğururdu. Ona Solleks deyirdilər, yəni Acıqlı. Deyv kimi o da heç bir şey tələb etmir, heç nəyi bağışlamır, heç nəyi vecinə almırdı.

O, yavaş-yavaş, vüqarla başqa itlərə yanaşanda hətta Şpits belə ona dəyib-dolaşmırdı. Solleksin bir zəif cəhəti var idi və bədbəxtlikdən bunu ilk dəfə Bak aşkara çıxartdı. Demə, taygöz it kimsə ona kor gözü tərəfindən yaxınlaşanda bunu xoşlamırmış. Solleksin bu xüsusiyyətindən xəbərsiz olan Bak ona məhz kor gözü tərəfdən yanaşdıqda it qəflətən dönərək onun üstünə atıldı və çiynini sümüyə kimi gəmirib üç düym[8 - Düym – 2,54 sm-ə bərabər uzunluq ölçüsü] enində yara açdı. Bu hadisədən sonra Bak daha heç vaxt ona qadağan olunmuş tərəfdən yanaşmadı və Solleks də heç vaxt ona toxunmadı. Solleks də, görünür, Deyv kimi, yalnız bir şeyi arzulayırdı: təki onu narahat etməsinlər. Lakin Bak tezliklə əmin oldu ki, onların hər ikisinin daha böyük məqsədləri var.

Elə ilk gecədə Bak yatmaqla bağlı böyük bir problemlə üzləşdi. İçərisində şam yandırılmış çadır qar düzəngahında cazibədar işıq saçırdı. O, tam əmindi ki, orada gecələməlidir. Lakin içəri girəndə Perro və Fransua onu söyüşlə qarşıladılar və əllərinə keçən əşyaları ona tulladılar. Bak biabır olmuş halda çadırdan şaxtalı eşiyə qaçdı. Acı külək əsir, bədənini şiddətlə döyəcləyir, xüsusilə yaralı çiynini rəhmsizcəsinə göynədirdi. O, qar içində uzanıb yatmaq istədi, lakin şaxta onu tezliklə ayağa qaldırdı. Zavallı ümidsiz halda çadırların arasında gəzişib nisbətən isti yer axtardı, lakin tapmadı. Bir-iki vəhşi it ona hücum çəkdi, lakin o, tüklərini qabardaraq onlara hiddətlə mırıldandı və itlər Bakdan əl çəkdilər.

Nəhayət, onun ağlına bir fikir gəldi. O geri qayıdıb qoşqu itlərinin harada gecələdiyini öyrənməyə çalışdı. Lakin yoldaşlarının heç birini tapmayanda çox təəccübləndi. Onlar yoxa çıxmışdı. Bak düşərgənin böyük ərazisini bir də dolaşıb onları axtardı, amma tapmadı. Bəlkə, onlar çadırdaydılar? Yox, bu, ola bilməz. Axı onlar haradadır? Bədəni əsə-əsə, quyruğunu sallayaraq tək-tənha və məqsədsiz halda çadırın ətrafında dövrə vurdu. Birdən onun qabaq pəncələri altındakı qar çökdü və o, az qaldı yarığa düşsün. Ayaqları altında nə isə tərpənirdi. O, görünməz və naməlum varlığın qorxusundan mırıldayaraq tüklərini qabardıb geri qaçdı. Lakin həlim bir dost zingiltisi onu tezliklə sakitləşdirdi və o, yenidən həmin yerə qayıtdı. Onun burun dəliklərinə isti hava axını dəydi. Billi yumurlanıb qarın altında, xəndəkdə rahatca uzanmışdı. O, yaltaqcasına zingildəyir, qurdalanır, quyruğunu oynadır və bu yolla Bakı ələ almaq üçün bütün xoş niyyətini büruzə verməyə çalışırdı. Hətta ilıq və nəm dili ilə onun üz-gözünü də yalayırdı.

Bu da bir dərs! Demək, onlar soyuqdan belə qorunurlarmış! Bak da özünə yer seçdi. Çox əlləşdikdən sonra qarın içində yuva qazdı. Bir azdan xəndək bədəninin hərarətindən isindi və o yuxulaya bildi. Bak üzücü və çətin gündən sonra möhkəm və şirin yuxuya getdi.

Səhər artıq yuxudan oyanmış düşərgənin hay-küyü olmasaydı, o, hələ ayılmayacaqdı. Əvvəlcə harada olduğunu kəsdirə bilmədi. Gecə yağan qar üstünü tamam örtmüşdü. Qar divarlar onu hər tərəfdən sıxırdı. Birdən Bakı dəhşətli bir qorxu bürüdü – tələ qarşısında dayanmış vəhşi heyvan qorxusu! Bu onda uzaq əcdadlarının əlamətlərinin üzə çıxması deməkdi. O, ömrü boyu tələnin nə olduğunu bilməmişdi və ondan qorxmamalıydı. Bununla belə, onun bədəni titrəyərək qısıldı, boynu və çiynindəki tüklər qabardı və o, bulud kimi üstünü örtmüş qığılcım saçan qarı kənara tullayaraq vəhşi bir mırıltı ilə çaladan sıçrayıb səhərin gözqamaşdırıcı isığına düşdü. Ayağa duran kimi qarşısında açılmış ağ çadırı gördü. Bak Manuellə gəzintiyə çıxdığı gündən başlamış qar içində özünə gecələmək üçün yuva düzəltdiyi dünənki gecəyədək baş verənləri bir-bir xatırladı.

Fransua onu qışqırıqla salamladı.

– Mən nə demişdim? – o, Perroya müraciət etdi. – Bu Bak bir anda hər şeyi öyrənməyə qadirdir.

Perro razılıq mənasında başını tərpətdi. Kanada hökumətinin kuryeri[9 - Kuryer – idarə kağızlarını aparıb paylayan işçi] kimi o, poçt və mühüm sənədlər daşıyırdı, ona ən yaxşı itlər lazım idi, buna görə də Bak kimi iti aldığına çox məmnundu.

Bir saat ərzində qoşquya daha üç it əlavə olundu. İndi onların sayı doqquza çatdı. İyirmi beş dəqiqə sonra onlar qarlı yolla Dayi kanyonuna doğru yüyürürdülər. Bak bu dəyişikliyə sevinirdi və təzə işinin ağır olmasına baxmayaraq, ona nifrət hissi bəsləmirdi. Qoşqu yoldaşlarının ehtirası əvvəlcə onu heyrətə saldı, sonra bu vəcd ona da keçdi. Ən təəccüblüsü isə Deyv və Solleksdə baş vermiş dəyişiklik idi. Qoşquya salınmaları onları tamam başqalaşdırmış, süstlük və laqeydlik onları tərk etmişdi. Onlar sayıq və fəal idilər, işin öz qaydasında getməsi üçün narahatlıq keçirirdilər, itlər arasında ləngimə və qarmaqarışıqlıq olanda hövsələdən çıxırdılar. Belə görünürdü ki, bu iş onların mövcudluğunun ən yaxşı ifadəsidir, bütün sevincləri ondan asılıdır.

Deyv arxada gedirdi, onunla Solleksin arasına, bir az irəliyə Bak qoşulmuşdu. Qalan itlər isə başda Şpits olmaqla bir-birinin dalınca düzülmüşdü.

Bakı qəsdən Deyv və Solleksin arasında yerləşdirmişdilər ki, ona bu işi lazımınca öyrədə bilsinlər. Bak özünü qabiliyyətli şagird, onlar isə onun səhvlərini dərhal düzəldən, öz iti dişlərinin köməyi ilə onu itaətə məcbur edən mahir müəllim kimi göstərirdilər.

Deyv ədalətli və çox ağıllı idi. O, Bakı nahaq yerə heç vaxt incitməzdi, lakin ciddi səhv edəndə onu dişləmək imkanını da əldən verməzdi. Buna Fransuanın qamçısı da əlavə olunduğuna görə Bak bu qənaətə gəlmişdi ki, özünü yığışdırıb səhv etməkdən daşınmaq dişlənməkdən daha sərfəlidir. Bir dəfə qısa fasilədə o, yan qayışa ilişib səfəri ləngitdi. Deyv və Solleks hücum çəkib onun dərsini yaxşıca verdilər. Nəticədə qarışıqlıq daha da gücləndi, lakin Bak yan qayışı bir daha səhv salmamaq üçün sonradan böyük cəhd göstərdi və günün sonuna yaxın o öz vəzifəsinin öhdəsindən elə yaxşı gəldi ki, müəllimləri onu dişləməkdən əl çəkdilər. Fransuanın qamçısı Bakın üstünə daha az şığımağa başladı, Perro isə ona xüsusi canfəşanlıqla hörmət göstərir, pəncələrini bir-bir qaldırıb onları qayğıyla gözdən keçirirdi.








Onların birinci gün qət etdiyi məsafə çox uzun oldu. Onlar kanyon boyu Qoyun yamacı və Çəki yüksəkliklərinin yanından və meşə kənarlarından ötüb bir neçə yüz fut[10 - Fut – ingilis ölçü sistemində 30 sm 48 mm-ə bərabər uzunluq vahidi] hündürlükdə olan buzlaqlı və qarlı təpədən keçdilər, duzlu və şirin sular arasında uzanan, kədərli, yalqız Şimalın heybətli gözətçisi kimi onun girəcəyini qoruyan nəhəng Çilkut aşırımını keçdilər. Sönmüş vulkanların ağzında yerləşmiş donmuş göllərin bütöv bir silsiləsini sağ-salamat sovuşub, gecəyarısı Bennet gölü yaxınlığındakı böyük düşərgəyə çatdılar. Orada minlərlə qızılaxtaran, qayıq düzəldib yazda buzun əriməsini gözləyirdi. Bak qarın içində özünə yuva düzəldib div yuxusuna getdi, lakin tezliklə onu talacıqdan çıxardıb başqa yoldaşları ilə birlikdə şaxtalı gecənin qaranlığında kirşəyə qoşdular.

Həmin gün onlar qırx mil yol getdilər, çünki yol hamardı. Amma ertəsi gün qarda özlərinə iz açmağa məcbur olub bərk yoruldular və nisbətən ləng getdilər. Bir qayda olaraq, Perro qabaqda gedir, ayaq xizəyi ilə qarı tapdayırdı ki, itlər asan yüyürə bilsin. Fransua isə dönmə şüvülü ilə qoşquya istiqamət verirdi. Bəzən o, gec-gec də olsa, Perro ilə yerini dəyişirdi. Perro tələsirdi, bununla belə, hesab edirdi ki, buzun qalınlığını Fransua gözəyarı daha yaxşı təyin edə bilər. Bu, çox vacib məsələ idi, çünki payızın buzu çox da etibarlı deyildi. Sürətli axın olan yerlərdə isə, ümumiyyətlə, buz yox idi.

Bakın bütün günü qoşquda keçirdi. İtlər yalnız qaranlıq düşəndə dincəlir və göy üzü işıqlanmağa başlayan kimi yenidən hərəkətə başlayırdılar.

Bu dəfə də ancaq qaranlıq düşəndən sonra istirahətə çıxdılar. İtlər öz balıq paylarını yeyib yatmaq üçün qarın içinə soxulmuşdular. Bak bərk acmışdı. Gündüz yediyi azacıq qaxac edilmiş qızılbalıq onun dişinin dibində belə qalmamışdı. O, doyunca yemir və aclıqdan əziyyət çəkirdi. Lakin çəkicə ondan az gələn və belə həyata daha yaxşı uyğunlaşmış itlərə də həmin qədər balıq verilsə də, onlar öz gümrahlıqlarını qoruyub saxlamağı bacarırdılar. Bak vaxtilə Cənubdakı həyatında adət etdiyi vasvasılığı tezliklə tərgitməli oldu. Gördü ki, öz payını tez içəri ötürən yoldaşları onun qarşısındakı tikələri də çırpışdırır. Payını qorumağa gücü çatmırdı. O, iki-üç oğru ilə cəngə girəndə bir də görürdü ki, balığı artıq başqalarının ağzındadır. Bunun qarşısını almaq üçün o da digər itlər kimi sürətlə yeməyə başladı. Aclıq onu başqalarının yeməyinə əl atmağa məcbur edirdi. O, müşahidə apararaq bunun yollarını öyrəndi. Perro üzünü yana çevirən kimi təzə itlərdən olan çox bic, ikiüzlü və oğru Payk cəld onun dana ətindən hazırlanmış qızartmasından bir dilim çırpışdırdı. Ertəsi gün Bak onun önündən bütöv bir tikəni götürüb əkildi. Aləm bir-birinə dəydi, Bakdan isə heç kəs şübhələnmədi və onun əməlinə görə başqa bir iti cəzalandırdılar.

Bu ilk oğurluq göstərdi ki, Bak Şimalın sərt şəraitində yaşamağa qadirdir. Bu onun mühitə uyğunlaşmaq bacarığına dəlalət edirdi. Əgər belə bacarığı olmasaydı, o, sağ qala bilməzdi. Bununla belə, oğurluq onun mənəvi iflasının başlanğıcı oldu. Əvvəlki əxlaqi anlayışları dağılıb puç oldu: yaşamaq uğrunda amansız mübarizədə onlar Bak üçün artıq yük idi. Əxlaq anlayışları Cənub üçün münasib idi. Orada məhəbbət və dostluq qanunu hökm sürürdü, orada başqalarının ma-lına hörmət, özgələrə mərhəmət hissi vardı. Şimalda isə dəyənək və diş qanunu hökm sürürdü, yaşamağa və uğur qazanmağa mane olan düzlüyə riayət etməkdən ötrü axmaq olmaq lazımdı.

Əlbəttə, Bak qeyri-iradi şəkildə yeni şəraitə uyğunlaşırdı. Ömründə heç vaxt, hətta qüvvələr bərabər olmayanda da o, mübarizədən çəkinməmişdi. Lakin qırmızı sviterli kişinin dəyənəyi ona daha ibtidai, lakin həyat üçün zəruri olan əxlaq qaydaları aşılamışdı. Bak hələ mədəni it olaraq qalırdı; məsələn, o, hakim Millerə məxsus olan qoşqu qırmancını qoruyaraq öz əxlaq normaları yolunda ölməyə hazır idi. İndi isə bu ideyalara etinasız baxması və ancaq öz canının hayında olması göstərirdi ki, o, əcdadlarının vəziyyətinə qayıtmaq üzrədir. Oğurluq məharətini göstərmək üçün deyil, boş qarnının inadkar tələblərinə cavab vermək üçün başqalarının yeməyinə göz qoyurdu. Qarətçiliyi açıqca yox, gizlincə, bütün ehtiyat tədbirlərini görərək törədirdi, çünki dəyənək və diş qanununa tabe idi.

Bak çox sürətlə yetkinləşirdi (daha doğrusu, vəhşiləşirdi). Əzələləri dəmir kimi möhkəm olmuşdu və adi ağrılar daha onun vecinə deyildi. Daxili də, xarici də yaman bərkimişdi. Bak hər hansı xörəyi, hətta iyrənc və daş kimi bərkini də yeyə bilirdi. Qarnı onu doyuran nə vardısa, hamısını zərrə-zərrə özünə çəkir, qanı isə həzm olunmuş yeməkdən möhkəm və davamlı toxuma hasil edərək bədəninin ən ucqar hissələrinə paylayırdı. Bakın çox əla görmə və həssas iybilmə qabiliyyəti vardı. Eşitmə qabiliyyəti isə elə inkişaf etmişdi ki, o, yuxuda belə ən yavaş səsi eşidir və o səsin təhlükə vəd edib-etmədiyini ayırd edə bilirdi. O, dırnaqları arasında donmuş buzu gəmirməyi öyrənmişdi. Su içmək istəyəndə nohur qalın buzla örtülü olsa da, güclü qabaq pəncələri ilə onu sındırmağı bacarırdı. Lakin Bakın ən diqqətəlayiq qabiliyyəti küləyi duyması idi və gecələr o, küləyin hansı səmtdən əsəcəyini əvvəlcədən sezirdi. Buna görə də ən sakit gecələrdə belə o özünə elə yerdə yuva düzəldirdi ki, sonradan külək əssəydi də, yuvasını tutmayacaq, ora isti və rahat olacaqdı.

Bütün bunları Bak təkcə təcrübə əsasında deyil, onda çoxdan yatıb qalmış əzəli duyğuların hərəkətə gəlməsi nəticəsində öyrənmişdi. Əhliləşdirilmiş əcdadlarından ona miras qalan xüsusiyyətlər isə, əksinə, yox olub gedirdi. Uzaq keçmişi onun daxilində anlaşılmaz səslərlə dil açırdı.

Bak tezliklə caynaq və dişlərini işə salmağı öyrəndi və onda cəld canavar tutaşması qabiliyyəti peyda oldu. Onun unudulmuş əcdadları məhz belə vuruşurdular. Bakın daxilində onun cinsinə irsən, nəsildən-nəslə keçmiş köhnə vərdişlər canlanmağa başlayırdı. Bak indi o vərdişlərin sahibiydi. Həmin vərdişlərə asanlıqla yiyələnir, onlarda yeni və təəccüblü heç bir şey görmürdü. Elə bil bu vərdişlər həmişə ona məxsus olmuşdu. Sakit soyuq gecələrdə Bak üzünü ulduzlara tutub uzun müddət canavar kimi ulayanda çoxdan gömülmüş əcdadları da, əsrlərlə ulduzlara hürdükləri kimi, sanki onun içində dil açırdılar. Bakın ulartısında da eynilə həmin notlar səslənirdi. Onlarda kədər, sakitlik, zülmət və soyuğu ifadə edən bütün hislər yaşayırdı.

Beləliklə, əcdadların qədim nəğməsi təbiətin əlində hamımızın oyuncaq olduğunun sübutu kimi Bakın sinəsindən süzülür və o, tədricən öz mənşəyinə üz tuturdu. Bu, çox sadə bir səbəb üzündən baş verirdi – əvvəla, adamlar soyuq Şimalda sarı metal tapmışdılar, ikincisi, bağban köməkçisi Manuelin məvacibi arvadının və eynilə onun özünə oxşayan bir yığın balasının ehtiyaclarını ödəmirdi.




İBTİDAİ VƏHŞİ QALİB GƏLDİ


Bakda ibtidai vəhşinin əlamətləri güclüydü və onlar yeni həyatın sərt şəraitində getdikcə artırdı. Lakin bu, hələ gizli oyanmaydı. Təzəcə yaranmağa başlamış hiyləgərliyi onu taraz saxlayır və idarə edirdi. Yeni həyata alışmaq zəruriliyi onu daim gərgin vəziyyətdə saxlayırdı. Bak nəinki şuluq salmır, hətta mümkün qədər digər it davalarından gen gəzirdi. Davranışında xüsusi bir ehtiyatlılıq yaranmışdı. O, cəld və tələsik hərəkətlərə meyil göstərmirdi. Onunla Şpits arasında kəskin düşmənçilik olsa da, Bak bunu büruzə vermir və ona heç vaxt birinci sataşmırdı.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/dzhek-london/cdadlarin-harayi-68289733/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Mops – kökü qədim Çindən gələn balaca, dekorativ it cinsi




2


Meksika cinsi – bu cinsdən olan itlərə həm də “çılpaq cins” deyirlər, çünki onların tük örtüyü yoxdur.




3


Meksika cinsi – bu cinsdən olan itlərə həm də “çılpaq cins” deyirlər, çünki onların tük örtüyü yoxdur.




4


Teryer – boyu çox kiçik olan bu it cinsindən gəmiricilərlə mübarizədə istifadə olunur.




5


Senbernar cinsi – əcdadları Orta Asiya itləri olan bu itlər iri və ağırçəkili olmaları ilə seçilir.




6


Senbernar cinsi – əcdadları Orta Asiya itləri olan bu itlər iri və ağırçəkili olmaları ilə seçilir.




7


Nyufaundlend cinsi – kökü Kanadadan gələn qoşqu iti




8


Düym – 2,54 sm-ə bərabər uzunluq ölçüsü




9


Kuryer – idarə kağızlarını aparıb paylayan işçi




10


Fut – ingilis ölçü sistemində 30 sm 48 mm-ə bərabər uzunluq vahidi



Alyaskanın sərt soyuğuna, insanların amansız rəftarına baxmayaraq sağ qalmağı bacaran Bak adlı itin həyatından bəhs edən bu roman onu oxuyan hər kəsi çox təsirləndirəcək.

Как скачать книгу - "Əcdadların harayı" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Əcdadların harayı" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Əcdadların harayı", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Əcdadların harayı»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Əcdadların harayı" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги серии

Книги автора

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *