Книга - Quldur qızı Roni

a
A

Quldur qızı Roni
Astrid Lindqren


Dünya ədəbiyyatından seçmələr
Bir quldurbaşının qızı ilə onun qatı düşməninin oğlunun təhlükəli macəralarından bəhs edən bu əsəri oxuduqdan sonra uşaqların böyüyəndə valideynləri kimi quldur olmayacaqlarına and içmələrinin səbəbini biləcəksiniz.





Astrid Lindqren

Quldur qızı Roni





I


Roninin dünyaya gəldiyi gün göy guruldadı. Bəli, tufan dağların üstünü elə aldı ki, quldurlar meşəsində yaşayan cin-şəyatinin hamısı qaçıb dəlmə-deşiyə, mağaraya girdi; yalnız tufanı özləri üçün doğma hesab edən drudlar[1 - Drud – Skandinaviya folklorunda əfsanəvi varlıqlar, şər ruhlar] çığır-bağırla quldur dağında yerləşən quldur qəsrinin üzərində uçuşmağa başladılar.

Lovisa isə uşaq doğmağa hazırlaşırdı, amma drudların səsi ona mane olurdu, buna görə də əri Mattisə dedi:

– Bu qəzəbli drudları qov getsin, onların əlindən nə oxuduğumu eşidə bilmirəm.

Məsələ ondaydı ki, körpə gözləyən Lovisa mahnı oxuyurdu. Fikirləşirdi ki, həm onun üçün asan olar, həm də uşaq mahnı sədaları altında doğulsa, şən xasiyyətli olar.

Qildurbaşı Mattis dərhal yayı götürüb mazğaldan[2 - Mazğal – qala divarında silah işlətmək üçün deşik] bir neçə ox atdı.

– Rədd olun burdan! – deyə qışqırdı. – Biz uşaq gözləyirik! Anladınız, iyrənc məxluqlar!

– Ho-ho-ho! – drudlar cavabında qışqırışdılar. – Onlar uşaq gözləyirlər! Ho-ho-ho! Gör necə kifir olacaq! Ho-ho! Lap zəhərli göbələk kimi!

Mattis vəhşi dəstənin lap ortasına bir də ox atdı, amma drudlar yalnız qəzəblə qəhqəhə çəkdilər və ucadan ulaşa-ulaşa ağacların üstündən ötüb-keçdilər.

Lovisa uşaq doğa-doğa oxumağında, Mattis isə bu iyrənc məxluqları qovmağında olsun, sizə tabeliyindəki quldurlardan danışım. Quldurların on ikisi də qalada, ocağın başında oturub yeyib-içir, dəli kimi səs-küy salmaqda qəzəbli drudlardan heç geri qalmırdı. Bir də ki neyləyəydilər, axı hamısı gözləyirdi ki, Lovisa yuxarıda, qüllədə hamiləlikdən nə vaxt azad olacaq. Çünki bütün quldur həyatları boyu Mattisin qəsrində hələ bircə uşaq da doğulmamışdı. Uşağın dünyaya gəlməsini hamıdan çox Keçəl Per gözləyirdi.

– Bu balaca quldur nə vaxt dünyaya gələcək axı?! – deyə qışqırırdı. – Mən daha qocalıb taqətdən düşmüşəm, quldur həyatım sona yaxınlaşır. Çox istəyirəm ki, ölməmişdən əvvəl bizim yeni quldurbaşının üzünü görüm!

Keçəl Per sözünü bitirməmiş qapılar açıldı və sevincindən ağlını itirmiş Mattis özünü zala saldı. O, dabanlarını daş döşəməyə döyəcləyə-döyəcləyə hoppanır, var səsiylə bağırırdı:

– Uşağım oldu!.. Ey, eşidirsiniz, mənim uşağım oldu!..

– Oğlandı, ya qız? – Keçəl Per öz yerindən xəbər aldı.

– Mənim xoşbəxtliyim!.. Mənim sevincim!.. – Mattis bağırırdı. – Quldur qızı! Budur o!..

Elə bu an Lovisa hündür kandardan adlayıb körpəsi əlində zala daxil oldu. Quldurlar birdən-birə səslərini kəsdilər.

– Nolub sizə, ağzınıza pivə alıb durmusunuz? – Mattis onlara bağırdı.

O, qızı Lovisanın əlindən alıb bir-bir on iki quldurun hamısına göstərdi.

– Budur, istəyirsinizsə, indiyədək quldur qəsrlərində doğulmuş körpələrin ən gözəlinə baxıb heyran olun!.. – Qız atasının iri ovuclarında uzanıb gözlərini qırpmadan ona baxırdı. – Elə ağıllı üzü var ki, elə bil indidən nəsə başa düşür.

– Bəs adını nə qoydunuz? – Keçəl Per yenə soruşdu.

– Roni, – Lovisa cavab verdi, – mən bu adı çoxdan fikirləşmişdim.

– Bəs birdən oğlan olsaydı? – o maraqlandı.

Lovisa Keçəl Peri sakit və ciddi nəzərlərlə süzdü.

– Əgər mən qərara almışam ki, uşağımın adı Roni olacaq, demək, elə də olmalıdır.

Sonra üzünü Mattisə tutdu.

– Onu mənə verirsən?

Amma Mattis hələ qızından ayrılmaq istəmirdi. O dayanıb Roninin parlaq gözlərinə, balaca ağzına, qara saçlarına, köməksiz əllərinə heyranlıqla baxırdı, ona olan sevgisindən az qalırdı ürəyi getsin.

– Mənim balam, – deyirdi. – Bu gündən mənim quldur ürəyim sənin balaca əllərindədir. Səbəbini özüm də bilmirəm, amma belədir.

– Onu versənə, bir az tutum, – Keçəl Per xahiş etdi.

Mattis ehtiyatla Ronini qızıl alma kimi onun əllərinə qoydu.

– Budur o! Sənin uzun müddətdi arzuladığın yeni quldurbaşı. Bircə onu əlindən yerə salma, yoxsa canını alaram ha.

Ancaq Keçəl Per yalnız gülümsündü, ağzında bircə diş belə qalmamışdı.

– Hə, o, tük kimidir, – körpəni əlində yüngülcə atıb-tutaraq dedi.

Mattis hirslənib Ronini onun əlindən aldı.

– Bəs sən nə gözləyirdin, qoca eşşək? Sallaq qarın, şələ saqqal, gonbul quldurbaşımı? He-he, eləmi?

Bütün quldurlar başa düşürdülər ki, əgər quldurbaşıyla münasibəti korlamaq istəmirsənsə, bu uşaq haqqında bircə ehtiyatsız söz belə deməməlisən. Mattislə zarafat etmək çox təhlükəlidir. Buna görə də dərhal körpəni tərifləyib şöhrətini göyə qaldırmağa başladılar. Sağlığına xeyli pivə içdilər ki, bu da Mattisin ürəyincə oldu. O, stolun baş tərəfində oturub öz qəşəng körpəsini onlara göstərməkdən doymurdu.

– İndi paxıllığından partlayacaq bir adam varsa, o da Borka olacaq! – Mattis qışqırdı. – Qoy öz iylənmiş mağarasında oturub acığından dişlərini qıcasın. Hə, lənət şeytana! Oradan elə bir inilti, elə bir qıcırtı qalxsın ki, qəzəbli drudlar da, boz cırtdanlar da qulaqlarını tutsunlar! İnanın mənə!

Keçəl Per razılıqla başını tərpədib istehzayla dedi:

– Paxıllıqdan partlamayıb neyləsin! İndi Mattisin nəsli yaşayacaq, Borkanın nəslisə kəsiləcək!

– Qızıl sözlərdir, – Mattis təsdiq etdi. – Şübhəsiz, kəsiləcək, çünki Borkanın uşağı yoxdur, olmayacaq da…

Bu an göy elə guruldadı ki, quldur dağlarında heç kim ömründə belə gurultu eşitməmişdi. Qorxudan bütün quldurların rəngi qaçdı, Keçəl Per isə üzüüstə düşdü, pivə içdiyi üçün yerində möhkəm dayana bilmirdi.

Roni qəfildən şikayətli səslə çığırdı, Mattisin ürəyi qorxunc ildırım səsindən daha çox bu gözlənilməz çığırtıdan sıxıldı.

– Mənim balam ağlayır! – deyə bağırdı. – Neyləmək lazımdır? Mən indi neyləyim?

Amma Lovisa özünü itirmədi. Sakitcə uşağı onun əlindən alıb döş verdi. Çığırtı o saat kəsildi.

– Göy yaman guruldadı ha! – Keçəl Per özünə gələndə qışqırdı. – Nəyə deyirsən and içim ki, yaxınlıqda harasa ildırım düşdü.

Bəli, ildırım, doğrudan da, düşmüşdü, özü də necə! Səhər açılan kimi buna əmin oldular. Quldur dağının ən hündür zirvəsində yerləşən köhnə, lap köhnə qəsr yuxarıdan aşağıya, qüllədəki dişlərdən tutmuş ta ən dərin zirzəmilərə qədər iki bölünmüşü. Ortada uçurum yaranmışdı.

Lovisa uşaq qucağında qülləyə qalxdı.

– Sənin həyatın nə qəribə başlayır, Roni, – tufanın törətdiyi bütün dağıntılara baxa-baxa dedi.

Ancaq Mattis vəhşi heyvan kimi qəzəblə vurnuxurdu. Əcdadlarının qədim qalasında necə belə bir şey baş verə bilərdi axı? Amma qəzəbi çox çəkmir, həmişə özünə təsəlli verə bilirdi.

– İndi sonu bilinməyən yeraltı keçidlərdən, zirzəmilərdən qismən da olsa canımız qurtardı. Daha qalamızda heç kəs azmayacaq. Yadınızdadır, Keçəl Per orada necə itmiş, yalnız dörd sutkadan sonra bayıra yolu tapa bilmişdi. Hə?

Ancaq Keçəl Per bu hadisənin yada salınmasından xoşlanmazdı. Başına belə bir müsibət gəldiyi üçün məgər o günahkar idi? Sadəcə bilmək istəyirdi ki, qalaları nə qədər böyük və əlçatmazdır. Əvəzində bircə onu öyrəndi ki, zirzəmidə asanlıqla azmaq olar. Zavallı özünü zorla böyük zala çatdıra bilmişdi. Xoşbəxtlikdən quldurlar elə çığırır, qəhqəhə çəkirdilər ki, səsləri uzaqdan eşidilirdi, yoxsa o heç cür gün işığına çıxa bilməzdi.

– Qaladan heç vaxt bütünlüklə istifadə etməmişik, – Mattis dedi. – Əlimizdə qalan zal və yatdığımız otaqlar, bir də qalanın yarısıdır.

Quldur qalasında həyat əvvəlki kimi öz axarı ilə getməyə başladı. Fərq bir ondaydı ki, indi orada uşaq vardı. Lovisa hesab edirdi ki, balaca qızcığaz gündən-günə təkcə Mattisi yox, on iki quldurun hamısını gicbəsərə çevirir. Əlbəttə, onların özlərini əvvəlki kimi kobud aparmamaq üçün dəridən-qabıqdan çıxmalarında pis heç nə yox idi, ancaq hər şeyin bir həddi var. Lakin quldurbaşının və bütün dəstə üzvlərinin balaca uşağın daş döşəmədə iməkləməyinə baxıb gic-gic qəhqəhə çəkmələrindən baş açmaq mümkün deyildi. Düzdür, Roni özünəməxsus tərzdə qeyri-adi zirəkliklə iməkləyir, sol ayağıyla cəld təkan verirdi ki, bu da quldurları xüsusilə heyran edirdi. Lovisa belə hesab edirdi ki, uşaqların əksəriyyəti gec-tez iməkləməyə başlayır. Buna da heç kim yersiz sevinmir, bu iməkləyən uşaqların ataları da işlərini-güclərini buraxıb saatlarla heyran-heyran onlara tamaşa eləmirlər.

Bir dəfə bütün dəstə Mattisin başçılığı ilə qəsrə soxulub Roninin sıyığı ovurdlarına doldurmasına və anasının onu beşiyə qoymasına tamaşa etməyə başladı. Lovisa deyindi:

– Mattis, sən Borkanın meşədə əl-qol açmasına imkan verirsən!

Amma Mattis arvadının deyinməsini qulaqardına vurdu.

– Qızım, mənim əzizim, – Roni sol ayağıyla təkan verib zalla iməkləyə-iməkləyə ona tərəf gələndə qışqırdı.

Sonra öz sevimlisini dizləri üstə oturdub yedizdirdi; on iki quldurun hamısı onları dövrəyə alıb diqqətlə baxırdı.

Sıyıq dolu çuqun qazança sacayağın üzərindən asılmışdı, Mattisin əlləri güclü, yöndəmsiz olduğuna görə sıyığı tez-tez döşəməyə tökürdü, bir yandan da Roni qaşığı geri qaytarırdı, buna görə də Mattisin qaşları da sıyığa bulaşmışdı. Qız birinci dəfə belə edəndə quldurlar elə ucadan qəhqəhə çəkdilər ki, Roni qorxub ağlamağa başladı. Amma tezliklə başa düşdü ki, qaşığı vuran kimi hamı gülüşür, beləcə hamını güldürməyə adət elədi, amma bu, atasından çox quldurlara ləzzət verirdi. Bu nə üçünsə onun xoşuna gəlmirdi, hərçənd Roninin bütün elədiklərini bənzərsiz, onun özünü isə dünyanın ən gözəl məxluqu hesab edirdi.








Saqqalı, qaşları sıyığa bulaşmış Mattis öz sevimlisini yedizdirəndə hətta Lovisa da gülürdü.

– Aman Allah, Mattis, indi sənə baxanın haradan ağlına gələrdi ki, sən dünyanın bütün dağlarının, meşələrinin ən qüdrətli quldurbaşısısan? İndi Borka səni görsəydi, gülməkdən ölərdi.

– Hə, yaman gülərdi! – Mattis qışqırdı.

Borka onun qatı düşməniydi, Borkanın ata-babası da Mattisin ata-babasıyla qatı düşmən olmuşdular. Adamların yadındadır ki, hər iki dəstə ta əzəldən bir-biriylə düşmənçilik edir. Bəli, onlar lap qədim zamanlardan soyğunçuluqla məşğul olur, mallarını arabaya qoyub quldurlar yaşayan sıx meşəylə aparan tacirlərin canına vəlvələ salırdılar.

Adamlar quldur meşəsindən keçən dağ yolunu yada salanda, adətən, belə deyirdilər: “İlahi, yolu sıldırımdan düşənlərə özün kömək ol”. Quldurlar bu yollar boyunca pusqu qurur, qurbanlarını güdürdülər. Yoldan keçən tacirlər onları kimin dəstəsinin qarət etdiyinin fərqinə varmırdılar, amma Mattislə Borka qənimətin kimin əlinə keçəcəyinə qətiyyən biganə qalmırdılar. Hər iki dəstə qənimət uğrunda amansızcasına döyüşürdü, tacirlər sərt sıldırımdan yol salmayanda isə quldurlar bir-birini qarət etməyə başlayırdılar.

Əlbəttə, bunların heç birindən Roninin xəbəri yox idi, çünki hələ çox balacaydı. Heç ağlına da gətirmirdi ki, atası təhlükəli quldurbaşıdır. O, qızı üçün ucadan qəhqəhə çəkən, mahnı oxuyan, gücü gəldikcə şən-şən bağıran, ona sıyıq yedizdirən, sadəcə xeyirxah, saqqallı Mattisiydi və qız onu sevirdi.

Roni günbəgün yox, saatbasaat böyüyür, yavaş-yavaş ətrafındakı aləmə nəzər salmağa başlayırdı. Uzun müddət fikirləşirdi ki, bütün dünya elə daş divarları olan nəhəng zaldan ibarətdir. Bu aləmdə də özünü əla hiss edirdi, xüsusilə böyük stolun altına girib Mattisin onun üçün gətirdiyi qoza və daşlarla oynayanda.

Bu zal, doğrudan da, uşaq oyunları üçün münasib yer idi. Orada həmişə əyləncə tapılırdı, qız orada çox şeylər öyrənmişdi. Roni quldurların axşamlar ocağın yanında əyləşib mahnı oxumalarını xoşlayırdı. O, stolun altında siçan kimi sakitcə oturub qulaq asır, tədricən bütün quldur mahnılarını yadında saxlayırdı. Zınqırov kimi cingiltili səsi ilə oxumağa başlayanda isə Mattis belə yaxşı oxuyan gözəl qızına heyran olmaqdan yorulmurdu.

Roni rəqs eləməyi də özü öyrənmişdi. Quldurlar qənimətlə qayıdanda sevinclə oynayır, zalda vəhşi keçi kimi atılıb-düşürdülər, Roni də tezliklə onları yamsılamağa başladı. Qızın da onlar kimi qızğınlıqla oynaması, lap əsl quldurlartək atılıb-düşməsi atasını hədsiz sevindirirdi. Belə dəlicəsinə rəqs edəndən sonra quldurlar taqətsiz halda böyük stolun ətrafındakı skamyalara sərələnib özlərini pivəyə tutur, Mattis isə qızıyla öyünməyə başlayırdı:

– Bilirsiniz, o, balaca druda kimi qəşəngdir, eləmi? Onun kimi boylu-buxunlu, qonurgözlü və qarasaçlıdır! Sizin heç biriniz heç zaman belə gözəl qız görməyibsiniz, eləmi?

Quldurlar da mehribanlıqla başlarını tərpədib xorla cavab verirdilər:

– Elədir!

Roni sakitcə stolun arxasında oturub daşlarla, qozalarla oynayır, elə ki gözü quldurların xəzi bayıra çıxan keçi dərisindən toxunmuş ayaqqabılarına sataşdı, onları vurağan keçi hesab edib oyuna qatırdı. Keçiləri pəyədə görmüşdü, Lovisa onları sağmağa gedəndə uşağı həmişə özüylə aparırdı.

Roninin bütün qısa həyatı boyu öyrənə bildiklərinin hamısı, bəlkə də, bunlar idi. Onun Mattisin qəsrindən kənarda nələr olduğu haqqında azacıq təsəvvürü belə yox idi. Günlərin bir günü Mattis başa düşdü ki, – bu onun heç də ürəyincə olmadı – quşcuğazı azadlığa buraxmaq vaxtıdır. Onda arvadına dedi:

– Lovisa, bizim qızımız mənim quldurluq elədiyim meşədə gəzib-dolaşmağı öyrənməlidir. Qoy gedib gəzsin.

– Allaha şükür, axır ki, sən də bunu başa düşdün, – Lovisa dedi. – Məndən olsaydı, o, indi çoxdan meşədə gəzirdi.

Beləcə, Roniyə kefi istədiyi yerə getməyə icazə verdilər. Ancaq Mattis əvvəlcə onu gözlənilən təhlükələrdən xəbərdar etdi.

– Deməli, belə: qəzəbli drudlardan, boz cırtdanlardan və Borkanın quldurlarından özünü gözlə.

– Bəs mən necə bilim ki, bu, qəzəbli drud, ya boz cırtdan, ya da Borkanın quldurudur?

– Özün biləcəksən, – Mattis cavab verdi.

– Aydındır, – Roni dedi.

– Bir də bax azmayasan ha, – Mattis davam etdi.

– Bəs azsam, neyləyim?

– Lazım olan cığırı tap.

– Aydındır.

– Ehtiyatlı ol, çaya düşmə.

– Çaya düşsəm, neyləyim?

– Üz çıx.

– Aydındır.

– Uçurumdan da özünü gözlə, – Mattis ildırımın quldur qəsrinə düşdüyü gecə əmələ gəlmiş dərin uçurumu xatırladı.

– Bəs uçuruma düşsəm, neyləyim?

– Onda sən daha heç nə edə bilməzsən, – Mattis bunu deyib birdən elə acı-acı inildədi ki, sanki bütün dünyanın dərdi sinəsinə yığılmışdı.

– Aydındır, – Mattis iniltisini kəsəndə Roni dilləndi. – Bu halda çalışaram uçuruma düşməyim. Başqa təhlükələr varmı?

– Əlbəttə, təhlükə çoxdur, özün görəcəksən. İndisə get!..




II


Roni yola düzəldi. Çox tezliklə başa düşdü ki, daş döşəməli böyük zallarını bütün dünya sanmaqda necə də axmaqlıq edibmiş. Hətta bütün qüllələri və zirzəmiləri ilə birlikdə ələkeçməz quldur qəsri belə dünyanın hamısı deyilmiş. Uca quldur dağı da hələ dünyanın hamısı deyilmiş. Yox, dünya lap böyükdür. Elə böyükdür ki, adam mat-məəttəl qalır.

Əlbəttə, Roni dəfələrlə Mattislə Lovisanın qala divarlarının xaricində nələr olduğu barədə söhbətlərini eşitmişdi; məsələn, götürək elə çayı. Ancaq Roni su axınının quldur dağının ətəyindəki dərin dərəylə gurultu sala-sala, pıqqıldaya-pıqqıldaya, köpüklənə-köpüklənə irəlilədiyini gözləriylə görəndə çayın nə olduğunu başa düşdü. Onlar meşədən də danışmışdılar. Amma Roni qaranlıq və sirli, yarpaqları xışıldayan meşəni gözləriylə görəndə onun nə olduğunu anladı və dünyada çayın, meşənin var olduğuna sevindi. Belə böyük ağacların, bu coşqun çayın olması, ətrafda belə dürlü-dürlü həyatın qaynaması, həqiqətən də, inanılmazdır! Özünüz deyin, burda necə sevinməyəsən axı?

Roni cığırla düz meşəliyə girdi, axırda gedib meşədəki gölün sahilinə çıxdı. Mattisin dediyinə görə, burdan o yana getməməliydi. Gölün qara güzgüsü qara şam ağaclarıyla əhatə olunmuşdu, yalnız suzanbaqları suyun üzərində ağ işıqlar kimi yırğalanırdı. Roni, əlbəttə, bunların ağ suzanbağı olduğunu bilmirdi, amma uzun müddət onlara baxdı və onlar var olduğu üçün astadan güldü.

O, gününü gölün yanında keçirdi, gördüklərinə hədsiz sevindi. Suya uzun müddət şam qozaları atdı, suda ayaqlarını azca tərpədən kimi qozaların üzdüyünü görəndə sevincindən qəhqəhə çəkdi. Ömründə belə sevinməmiş, heç vaxt belə sərbəst gəzib-dolaşmamışdı.

Qaya parçalarına dırmaşmaq daha əyləncəli oldu. Gölün ətrafında mamır basmış nəhəng daşlar ucalırdı, elə bil lap üstlərinə çıxmaq üçün yaradılmışdılar. Bir də şam və sidr ağacları bitmişdi ki, budaqlarında yaxşıca yellənmək olardı. Roni də günəş ağacların arxasında batana kimi yelləndi, aşağı tullandı, yenə qayalara çıxdı.

Aclıq hiss edəndə özüylə gətirdiyi dəri kisəcikdən çörək, süd çıxarıb iştahla yedi. Sonra bir az dincəlmək üçün mamırın üstünə uzandı; başı üzərində hündür ağaclar səs salırdı. O, yuxarı baxıb onların var olduğuna fərəhləndi. Sonra yuxuya getdi.

Roni oyananda hava artıq qaralmışdı, ağacların başı üzərində ulduzlar parlayırdı. Bu vaxt başa düşdü ki, dünya onun düşündüyündən daha böyükdür. Onu bircə kədərləndirən o idi ki, əlini ha ulduzlara uzatsaydın da, çata bilməzdin…

Meşədə ona icazə verdiklərindən çox qalmışdı, tez evə qayıtmaq lazım idi, yoxsa atası həyəcandan dəli olardı. Bunu qız yaxşı başa düşürdü.

Ətraf qatı zülmət idi, yalnız ulduzlar suda əks olunmuşdu. Amma Roni qaranlıqdan qorxmurdu, ona öyrəşmişdi: quldur qəsrində uzun qış gecələrində ocaq söndürüləndə elə qaranlıq çökürdü ki, göz gözü görmürdü. Yox, o, qaranlıqdan qorxmurdu.

Roni geriyə qayıtmağa hazırlaşarkən birdən yadına düşdü ki, dəri kisəciyini yemək yediyi qayanın üstündə qoyub, o dəqiqə qayaya çıxdı. Yuxarıda ona elə gəldi ki, indi ulduzlara daha yaxındır. Yenə əllərini göyə uzatdı ki, heç olmasa, ən balaca ulduzların bir neçəsini götürüb evə aparsın, amma əfsus ki, bunu edə bilmədi. Onda bu qərara gəldi ki, aşağı düşmək vaxtıdır.

Amma birdən gördü ki, ağacların arasında kiminsə gözləri parıldayır, bərk qorxdu, əməlli-başlı qorxdu. Bəli, bəli, qayanın ətrafında göz parıldadığını görməmişdi – bu gözlər onu izləyirdi. Onların parlaq cazibəsinə düşdü. Əvvəllər heç vaxt qaranlıqda parıldayan gözlər görməmişdi.

– Ey, siz! – deyə qışqırdı. – Sizə nə lazımdır?

Amma cavab almadı. Əvəzində gözlər yaxınlaşmağa başladı. İşıldayan gözlər asta-asta ona yaxınlaşdı; əvvəlcə anlaşılmaz, boğuq, qəribə fısıltılı səslər eşitdi, sonra sözləri də ayırd etdi:

– Qulaq asın, boz cırtdanlar, hamınız qulaq asın, burada, meşəmizdə adam var. Onu tutun, dişləyin, çimdikləyin, döyün… Boz cırtdanlar, hamınız bir nəfər kimi tutun, dişləyin, didişdirin, döyün… Tıq-tıq-tıq!..

Onlar, bu qəribə boz məxluqlar artıq qayanı dövrəyə almışdılar, ona açıq-aşkar pislik etmək istəyirdilər. Roni onları yaxşı seçə bilmirdi, amma ikrahla hiss edirdi ki, lap yaxındadırlar. Bəli, indi bildi ki, boz cırtdanlar necə təhlükəlidir, Mattis onu əbəs yerə xəbərdar etməmişdi ki, özünü gözləsin. Amma daha gec idi.

Onlar qayanı ağaclamı, dəyənəkləmi arasıkəsilmədən döyəcləməyə başladılar, bir Allah bilir əllərindəki nə idi. Tıqqıltı, çatırtı, gurultu meşəni başına götürəndə Roni qışqırdı. O, əməllicə qorxmuşdu – birdən onu öldürərdilər.

Cırtdanlar daşı döyəcləməkdən əl çəkdilər, amma sükut çökən kimi o daha qorxulu bir səs–xışıltı eşitdi. Bu, qayaya dırmaşan cırtdanlar idi. Onlar hər tərəfdən qıza yaxınlaşırdılar. Dırnaqlarıyla daşı cırmaqlayır, cızırdılar. Yenə də cırıltılı səsləri eşidildi:

– Bütün boz cırtdanlar, hamı bir nəfər kimi dişləyin, didişdirin, döyün – tıq-tıq-tıq!..

O zaman Roni dəhşətlə daha ucadan qışqırdı və ümidsizliklə dəri kisəciyi yelləməyə başladı. Aydın məsələdir ki, indicə onun üstünə atılıb dişləyəcək, ölüncə didəcəklər. Meşədəki ilk günü elə axırıncı günü olacaq.

Ancaq elə bu an qorxunc bir səs eşitdi – belə qorxunc səslə yalnız Mattis qışqıra bilərdi. Əlbəttə ki, bu onun atasıydı, on iki qulduru da yanında. Məşəllərin işığı ağacların arasında görünürdü, Mattisin söyüşü isə meşəni başına götürmüşdü:

– Rədd olun, boz cırtdanlar! Cəhənnəm olun, yoxsa baltalara tuş gələcəksiniz!

Roni balaca vücudların şappıltıyla yerə töküldüyünü eşitdi. Məşəllərin parlaq işığında indi onları görə bilirdi: iyrənc boz məxluqlar var gücləriylə qaçıb qaranlıqda yoxa çıxırdılar. O, dəri kisəciyinə kirşəyə oturan kimi oturdu, qayaaşağı sürüşdü, elə bu zaman Mattis özünü yetirərək onu yerdən qaldırıb bərk-bərk qucaqladı. Yolboyu qız başını atasının saqqalına söykəyib ağlayırdı.

– Hə, indi boz cırtdanları tanıdınmı? – onlar ocağın kənarında oturub Roni donmuş ayaqlarını isidəndə Mattis soruşdu.

– Aha, mən indi boz cırtdanları tanıdım.

– Amma sən hələ onlara necə üstün gəlməyi bilmirsən. Elə ki uzaqdan kiminsə onlardan qorxduğunu hiss etdilər, həmin dəqiqə də təhlükəli olurlar.

– Hə, hə, – Lovisa təsdiqlədi. – Təkcə boz cırtdanlar belə deyillər. Buna görə də meşədə təhlükələrdən uzaq olmaq üçün heç nədən qorxmamalısan.

– Yaxşı, – Roni dedi. – Bunu yadda saxlayaram.

Mattis yalnız ah çəkib onu köksünə sıxdı.

– Yadındadır, hələ özünü nələrdən gözləməlisən? – soruşdu.

Bəli, o bunların hamısını, sözsüz ki, yaxşı xatırlayırdı. Sonrakı günlərdə bütün təhlükələrdən qorunmaqla məşğul olurdu, buna görə də özünü qorxulu şeylərdən qorxmamağa məcbur edirdi. Mattis ona çaya yıxılmamağı tapşırdığı üçün suyun ən gur axdığı yerlərdə sürüşkən daşların üzərində cəsarətlə atılıb-düşürdü. Axı meşədə gəzməklə çaya düşməməyi öyrənə bilməzdi ki. Çaydan özünü gözləmək lazımdırsa, gərək suyun gur axdığı, burulğanlar olduğu yerlərə gedəsən.

Amma belə yerlərə getmək üçün yalnız qalanın yerləşdiyi dik qaya ilə düşmək lazım idi. Belə olduqda Roni həm də dik qayalardan qorxmamağı öyrəndi. Birinci dəfə çətinliklə düşdü, elə qorxurdu ki, gözlərini qıyırdı. Amma getdikcə cəsarətləndi, tezliklə qayadakı bütün yarıq və çıxıntıları, bütün nahamarlıqları öyrəndi: aşağı yıxılmamaq üçün bu yerlərdən ancaq barmaqla tutmaq mümkün idi.

“Bəxtim necə gətirdi, – deyə fikirləşdi, – belə gözəl yer tapdım, burada çaya yıxılmaqdan qorunmağı, ümumiyyətlə, heç nədən qorxmamağı öyrənmək olar!”

Roni günlərini belə keçirirdi. Özünü təhlükələrdən gözləyir, Mattis və Lovisanın icazə verdikləri yerlərdə cəsarətli olmağı məşq eləyirdi. Tezliklə vəhşi heyvancığaz kimi zirək, güclü və qorxmaz oldu. Nə boz cırtdanlardan, nə acıqlı drudlardan, nə çaya düşməkdən, nə də meşədə azmaqdan qorxurdu. Bircə ildırım zərbəsindən yaranmış dərin uçurumdan qorunmağı öyrənməmişdi, onu da tezliklə öyrənmək fikrindəydi.

O, quldur qəsrini qarış-qarış gəzmiş, zirzəmisindən qüllələrinə qədər girib-çıxmışdı. Kimsəsiz, boş zallarda oynayır, qaranlıq mağaralar və daş arakəsmələrlə dolu olan yeraltı keçidlərin labirintində azmaqdan qorxmurdu. İndi qaladakı bütün gizli keçidləri, meşədəki gizli cığırların hamısını beş barmağı kimi tanıyır, yollarda azmırdı. Amma meşəni qaladan daha çox sevir, günlərini orada keçirirdi.

Elə ki axşam düşür, quldur dağının üstünə qaranlıq çökür, zaldakı ocaqda od yanırdı, Roni yorğunluqdan ayaq üstə güclə dayanaraq evə qayıdırdı. Çünki təhlükələrdən qorunmağı, cəsarətli olmağı bu qədər səylə öyrənirdi. Bu vaxtlar, adətən, Mattis də on iki qulduruyla bərabər öz quldurluq yürüşlərindən qayıdırdı. Roni də atasıgillə birgə ocağın yanında oturur, onlara qoşulub quldur mahnıları oxuyurdu. Amma onların quldur həyatı barədə azacıq təsəvvürü də yox idi.

Söz yox, görürdü ki, onlar axşamlar qalaya dönəndə atlarına taylar, dəri torba və yeşiklər yüklənib, amma bu yükün haradan alındığını heç kim ona demirdi, onunsa bu barədə bir şey soruşmaq ağlına belə gəlmirdi. Axı dünyada çox sirlər var! O bunu artıq çoxdan duymuşdu.

Qız Borkanın quldurları haqqında söhbətlərə dəfələrlə qulaq asmışdı, başa düşürdü ki, ondan ehtiyat eləmək lazımdır. Amma indiyədək bu quldurların heç biriylə qarşılaşmamışdı.

– Əgər Borka belə nifrətəlayiq köpək olmasaydı, – bir axşam Mattis dedi, – mən ona rəhm edərdim. Əsgərlər onu meşədə vəhşi heyvan kimi gözümçıxdıya salıblar, bir dəqiqə də dincliyi yoxdur. Görərsiniz, tezliklə Borkanı öz yuvasından çıxaracaqlar. Düzdür, o, əsl yaramazdır, buna baxmayaraq…

– Borkanın bütün quldurları özü kimi donuzdur, dəstəsindəkilərin hamısı bir-birinin tayıdır, – Keçəl Per dedi, heç kim də onunla mübahisə etmədi.

“Allaha şükür ki, bizim quldurlar belə yaxşıdırlar”, – Roni düşündü.

Onlara nəzər saldı – quldurlar stol arxasında oturub iri qaşıqlarla şorba içirdilər. Saqqallı, kirli, vəhşiləşmiş bu adamlar dava salmaq üçün bir himə bəndiydilər. Qoy kimin hünəri varsa, qızın yanında onlara donuz desin! Axı onların hamısı – Keçəl Per də, Tyoqe də, Pelye də, Fosok da, Jutis də, Joen də, Labbas da, Knotas da, Turre də, Tyorm da, Sturkas da, Balaca Klipp də onun dostlarıdır və ondan ötrü özlərini oda-közə vurarlar.

– Bəxtimiz gətirib ki, bizim belə qalamız var, – Mattis dedi. – Burada biz tülkü yuvasında, qartal zirvəsində olduğu kimi təhlükəsiz yerdəyik. Əgər yaramaz əsgərlər bu tərəfə gəlməyə cəsarət eləsələr, hamısını cəhənnəmə vasil edərik.

– Onları geriyə, düz cəhənnəmə yollarıq! – Keçəl Per sevinclə təsdiqlədi.

Quldurlar Keçəl Perin sözlərini bəyəndilər və onların işlərinə burnunu soxmaq istəyən birisi varsa, onun nə qədər ağılsız olduğunu düşünərək gülməklərini saxlaya bilmədilər. Qəsr dağda alınmaz qalaya bənzəyirdi. Yalnız onun cənub tərəfindən yamac boyu dar bir cığır gedib meşədə itirdi, qalan üç tərəf isə dik qayalarla əhatələnmişdi.

– Belə sıldırımla dırmaşmağa cürət edən axmaq hələ anasından olmayıb, – deyə quldurlar gülürdülər.

Roninin qorxuya üstün gəlməyi öyrəndiyi yerin mövcudluğundan heç şübhələnmirdilər də.

– Əgər onlar cığırla qalxmağa cəsarət eləsələr belə, – Mattis dedi, – Qurd dərəsindən yuxarı qalxa bilməyəcəklər. Ora daş yığarıq, ya da fikirləşib başqa bir tələ qurarıq.

– Ya da başqa bir tələ qurarıq, – Keçəl Per qışqırdı və quldurbaşının növbəti hiyləsini hiss edib irişdi. – Mən bütün ömrüm boyu bu sıldırımda çox çağırılmamış qonağın qarnını yırtmışam, amma indi çox qocalmışam, indi gücüm bit-birəyə çatar. Ho-ho-ye-ye!..

Roni başa düşürdü ki, qoca olduğu üçün Keçəl Perə rəhm eləmək lazımdır, ancaq qətiyyən anlaya bilmirdi ki, onların qalasına qalxmaq istəyən əsgərləri, yaxud hər hansı başqa adamı niyə öldürmək lazımdır. Bundan savayı, qız bir gün ərzində elə yorulmuşdu ki, bu haqda düşünmək belə istəmirdi. Yaxşısı budur, çarpayıya uzansın, amma Lovisa Qurd nəğməsini oxumamış gözlərini yummasın; o bu nəğməni hər axşam buxarının odunu söndürmək və quldurların yatmaq vaxtı gələndə oxuyurdu.

Böyük zalda yalnız üç nəfər – Mattis, Roni və Lovisa yatırdı. Lovisa oxuduğu müddətdə, Roni yuxuya gedənə kimi çəkilmiş pərdənin deşiyindən buxarıdakı oda baxmağı xoşlayırdı.

Roni dünyaya göz açandan bəri yatmazdan qabaq anası ona Qurd mahnısı oxuyurdu. Bu, Roniyə yatmaq vaxtının çatdığını bildirirdi, ancaq o, gözlərini yummazdan əvvəl hər dəfə sevinclə düşünürdü: “Sabah yenə oyanacağam!”

Doğrudan da, hava işıqlanan kimi oyanır, yatağından sıçrayıb qalxırdı. Həmin gün havanın necə olmasına baxmayaraq Roni yenə meşəyə qaçır, Lovisa da həmişə onun dəri kisəciyinə bir parça çörək və bir qab süd qoyurdu.

– Aydın bilinir ki, sən tufanlı gecədə anadan olmusan, – Lovisa dedi. – Qəzəbli drudların uçduğu gecə. Belə bir gecədə doğulan uşaq mütləq dəliqanlı olmalıdır, bunu hamı bilir. Bax ha, drudların əlinə keçməyəsən.

Roni ağacların üzərində qəzəbli drudların uçuşduqlarını dəfələrlə görmüşdü, onda tez qaçıb gizlənirdi. Qızı meşədə gözləyən təhlükələrin ən böyüyü onlar idi. Mattis ona dəfələrlə demişdi: “Sağ qalmaq istəyirsənsə, özünü drudlardan gözlə”. Axı onların ucbatından Ronini uzun müddət qəsrdən buraxmamışdı. Bu yaraşıqlı drudlara baxanda ağlına da gətirməzsən ki, belə qudurğan və qorxuludurlar! Onlar meşənin üzərində dövrə vurur və diqqətli, hərəkətsiz baxışlarıyla ova göz qoyurlar: ovun qanını içməyə, sonra da iti caynaqlarıyla parça-parça etməyə hazırdırlar.

Hətta qəzəbli drudlar da Ronini meşədən qova bilmədilər; qız bütün vaxtını orada keçirir, səhərdən axşamadək tapdanmış cığırları, sevimli talaları gəzib-dolaşırdı. Həmişə tək oynayırdı, sözün düzü, heç kəsə ehtiyacı yox idi. Günləri onsuz da xoşbəxt keçirdisə, daha ona kim lazım idi ki? Bircə bu günlər yaman tez gəlib-keçirdi. Roni göz açıb-yummamış yay keçdi və payız gəldi.

Payız gələndə isə qəzəbli drudlar hədlərini lap aşırdılar; bir dəfə qəzəbdən ağıllarını itirərək Roninin dalınca o qədər düşdülər ki, qız, nəhayət, onu necə bir təhlükə gözlədiyini başa düşdü. Əlbəttə, o, tülkü kimi qaçır, meşədəki bütün sığınacaqları tanıyırdı, buna baxmayaraq drudlar dalınca dabanbasaraq gəlir, qulaqbatırıcı səslə qışqırışırdılar:

– O-ho-ho! Ho-ho! Nə qəşəng balacadır! İndi qanını içərik! O-ho-ho-ho!

Roni meşədəki gölə baş vurdu, suyun altı ilə o biri sahilədək üzdü və sürünə-sürünə özünü sıx bitmiş küknar ağaclarının altına verdi. Orada gizlənib drudların onu axtara-axtara quduzcasına fısıldadıqlarını eşitdi:

– Hanı insancığaz? Haradadır o? Çıx bayıra görək! Səni sığallayıb cırmaqlarıq, qanını çay kimi axıdarıq!.. Oho-ho! Ho-ho!..

Qəzəbli drudlar ta ağacların üzərində gözdən itənədək Roni öz sığınacağında oturdu. Daha meşədə qalmaq istəmirdi. Amma gecəyə, bir də Lovisanın Qurd nəğməsinə hələ çox var idi, buna görə də qərara aldı ki, çoxdan məşğul olmaq istədiyi bir işlə – uçurumdan qorunmağı öyrənməklə məşğul olsun.

O, tez-tez anadan olduğu gecə qalanın iki hissəyə bölündüyü haqqında söhbətlərə qulaq asırdı. Mattis bu əhvalatı təkrarlamaqdan yorulmurdu: “Elə bil cəhənnəm atəşiydi! Göy necə guruldayırdı! Bircə eşitsəydin!.. Əslində, eşidirdin, amma yenicə doğulmuşdun. Taraq-taq-taraq, qala bircə zərbəyə haçalandı, ortada uçurum əmələ gəldi. Sənsə ehtiyatlı ol ki, ora düşməyəsən”.

Roni indi uçurumdan qorunmağı öyrənməklə məşğul olmaq istəyirdi. Meşədə acıqlı drudlar dolaşırsa, bundan yaxşı məşğuliyyət ola bilməz.

Roni ildırım zərbəsiylə iki bölünmüş qalanın iç həyətində dəfələrlə olmuşdu, amma aralanmış uçuruma heç yaxın da getməmişdi. İndi tırtıl kimi onun lap kənarına sürünüb aşağı baxdı. Oy! Bu onun güman etdiyindən də qorxuluydu.

Bir daş götürüb aşağı tulladı. Daş uçurumun dibinə düşəndə elə boğuq, elə uzaq səs çıxartdı ki, qız qorxuya düşdü. Nə deyəsən, bu, həqiqətən də, qorxulu uçurumuydu. Ancaq qalanı yarıya bölən dəlik o qədər də geniş deyildi, əgər bərk qaçıb gəlsən, onun üstündən tullanıb keçmək də olardı. Amma elə bir axmağı haradan tapasan ki, onun üstündən tullansın. Bəlkə, uçurumdan qorunmağın ən yaxşı yolu elə budur?

Roni yenə aşağı baxdı, ay dərinlik idi ha! Sonra yan-yörəsinə baxıb hesabladı ki, haradan tullansa yaxşı olar və gördü ki… Elə bir şey gördü ki, heyrətindən güclə ayaq üstə dayana bildi. O tərəfdə kimsə oturmuşdu. Bu “kimsə” təxminən elə onu boydaydı, uçurumun lap kənarında oturub ayaqlarını yelləyirdi.

Roni anladı ki, dünyada yeganə uşaq deyil. O, quldur meşəsində, Mattisin qəsrində yeganə uşaq idi. Lovisa ona dəfələrlə demişdi ki, dünya uşaqlarla doludur, bəziləri böyüyəndə Mattis, bəzilərisə Lovisa olur. Roni hiss etdi ki, uçurumun o başında oturub ayaqlarını yelləyən də böyüyəndə Mattis olacaq.

O hələ qızı görmürdü. Roni uzun müddət ona baxıb sevinclə astadan güldü.




III


Sonra o da qızı gördü, o da güldü.

– Mən bilirəm sən kimsən, – deyə qışqırdı. – Sən quldur qızısan, bütün günü meşəylə qaçırsan. Mən səni görmüşəm.

– Bəs sən kimsən? – Roni də qışqırdı. – Sən bura necə gəlib çıxmısan?

– Mənim adım Birkdir, mən Borkanın oğluyam, indi burada yaşayıram. Bu gün gecə biz bura köçmüşük.

Roni çaşqınlıqla ona baxdı.

– Necə yəni biz?

– Borka, Undisa, mən, bir də on iki quldurumuz.

Roni onun sözlərini tam anlayana kimi bir müddət keçdi. Nəhayət, soruşdu:

– Sən demək istəyirsən ki, bizim qalanın Şimal qülləsi indi zir-zibillə dolub?

O güldü:

– Yox, orada yalnız quldurbaşı Borkanın cəsur quldurlarıdır, amma qalanın sən yaşadığın Cənub qülləsi zir-zibillə doludur, bunu hamı bilir.

– Ah, hamı bunu bilir, eləmi?! Sən heç bilirsənmi ki!.. – Roni hirsindən əsib-coşdu.

– Bir də nəzərə al ki, – Birk qışqırdı, – daha sizin Şimal qülləniz yoxdur, Borkanın qalası var. Bu gündən onun adı belədir. Yadda saxla!..

Roni çətinliklə nəfəsini dərdi, yaman qəzəblənmişdi. Borkanın qalası! Adamın lap nəfəsi kəsilər. Borkanın bu quldurları yaramazdırlar, hələ bu küçüyə bax, orada oturub istehzayla irişir də. O da onların tayıdır.

– Sizi görüm yanasınız! – qız qışqırdı. – Bir dayan, qoy bu xəbər Mattisin qulağına çatsın, hamınız buradan kəlləmayallaq aşacaqsınız!

– “Kəlləmayallaq!”.. – Birk istehzayla yamsıladı. – Gözlə ha!

Amma Roni Mattisi təsəvvürünə gətirib qorxdu. Axı onun necə qəzəbləndiyini görmüşdü, bilirdi ki, bunun axırı yaxşı qurtarmır. Onların qalası bir də iki yerə bölünüb darmadağın olacaq. Bu fikir ağlına gələndə dəhşətdən hətta inildədi də.

– Noldu sənə? – Birk soruşdu. – Halın pisləşdi?

Roni cavab vermədi. Bəsdir! Boş-boş çənə döydüyü, axmaq sözlərə qulaq asdığı bəsdir! İşə başlamaq lazımdır, Mattislə quldurları tezliklə evə qayıdacaqlar, onda aləm bir-birinə dəyəcək! Borkanın bütün yaramaz dəstəsi Mattisin qalasından güllə kimi uçacaq.

O ayağa qalxdı, getmək istəyəndə Borkanın oğlunun nə etmək fikrində olduğunu gördü. Təsəvvür edin ki, bu küçük nə az, nə çox – düz uçurumun üstündən tullanmağı hədəfə almışdı. O tərəfdə Roniylə üzbəüz dayanmışdı, birdən yerindən qopub uçuruma tərəf qaçdı. O zaman qız qışqırdı:

– Hünərin var tullan, vurub burnunu əzərəm!

– Ha-ha! – Birk cavabında bağırıb uçurumdan quş kimi tullandı. – Sən belə tullana bilməzsən!.. – deyə kinayə ilə əlavə etdi.

Bax bunu nahaq dedi, bu lap ağ oldu. Öz yaramaz dostları ilə birlikdə Şimal qülləsini tutmaları azmış kimi, üstəlik, indi də belə hoqqa çıxardır. Qız heç cür yol verə bilməzdi ki, Borkanın quldurunun elədiyini Mattisin qulduru təkrar edə bilməsin.

Roni qət etdi. Özü də neylədiyini əməlli-başlı anlamadan uçurumun üzərindən atılıb o tərəfə düşdü.

– Yamansan ha! – Birk qışqırıb onun dalınca tullandı.

Amma Roni gözləmədən öz tərəfinə atıldı. Qoy o, orada durub nə qədər istəyir gözlərini zilləyib qıza baxsın!

– Ey, noldu, məni niyə vurmadın, – Birk qışqırdı. – Gəlirəm yanına.

– Əzişdirmək lazımdır səni!

O, yenə qız tərəfə tullandı. Amma bu dəfə qız onu gözləməyib əks tərəfə atıldı. Roni qərara almışdı ki, lazım gələn qədər, lap son nəfəsinədək oyana-buyana tullansın, bircə onun yanında olmasın.

Bundan sonra heç biri bir kəlmə də danışmadı. Onlar sanki ağıllarını itirmiş halda dinməzcə irəli-geri tullanırdılar, ağır, kəsik-kəsik nəfəslərindən başqa heç nə eşidilmirdi. Yalnız qüllələrin dişlərində oturmuş qarğalar xırıltıyla qarıldayır, qorxulu, boğuq sükutu pozurdular. Elə bil Mattisin dağ başındakı qəsri indicə bir bədbəxt hadisə baş verəcəyini hiss edərək nəfəsini içinə çəkmişdi.








“İndi ikimiz də bu uçuruma yuvarlanacağıq, – Roni düşündü. – Heç olmasa, tullanmaqdan əl çəkərik”.

Birk yenə ona tərəf uçdu, o da yenə cavab sıçrayışına hazırlaşdı; artıq sıçrayışların sayı bilinmirdi. Roniyə elə gəldi ki, Birklə görüşməmək üçün sanki ömürboyu uçurumdan tullanmaqla məşğuluymuş.

Birdən gördü ki, Birk yerə düşəndə ayağı daşa ilişdi və yarıqda yoxa çıxmazdan əvvəl onun qışqırtısını eşitdi.

Sükut çökdü, yalnız qarğalar qarıldaşırdı. Roni gözünü qıydı, indi bircə istəyi bu idi ki, kaş bütün bunların heç biri olmayaydı. Niyə dəli kimi tullanırdılar? Yaxşı olardı ki, bu Birklə heç zaman qarşılaşmayaydı.

Roni uçurumun kənarına sürünüb aşağı baxdı və onu gördü. O, düz Roninin aşağı tərəfində bir ayaq enində qabağa çıxan bir daşın, ya sınmış bir tirin, ya da ildırımın parçaladığı divardan çıxan bir şeyin üstündə dayanmışdı. Aşağısında isə uçurum görünürdü. Birk titrəyən əllərini divarda gəzdirir, bir çıxıntı axtarırdı ki, barmaqlarıyla yapışıb yıxılmasın. O da, Roni də başa düşdülər ki, kömək olmasa, oradan çıxa bilməyəcək. Gücü tükənənə qədər orada dayanacaqdı, sonra aydın məsələdir ki, dünyada Birk adlı adam olmayacaqdı.

– Tərpənmə! – Roni qışqırdı.

– Daha neyləyim ki? – o cavabında istehzayla gülümsündü. Amma qorxduğu bəlliydi.

Qız tələsik həmişə belinə bağladığı uzun, hörmə qayışı açdı. Qayalara çıxanda, ya da ağaclardan düşəndə bu qayış daim ona kömək olmuşdu. Qayışın bir ucunda ilgək düzəldib o biri ucunu belinə doladı. Sonra ilgək olan ucu Birkə tərəf salladı və Birkin ilgəyi görən kimi gözlərinin sevinclə parıldadığını gördü.

Roni fikirləşdi ki, ilgək çox uzun çıxdı, Borkanın küçüyünün bəxti varmış və qışqırdı:

– Ey, bu ilgəyi özünə keçirt, amma mən deməmiş yuxarı çıxma!

Roni anadan olan gecə ildırım dişli divardan bir parça qoparmışdı, xoşbəxtlikdən bu daş parçası elə o vaxtdan bəri düz uçurumun kənarındaca düşüb qalmışdı. Roni onun arxasına sürünüb:

– Çıx! – deyə qışqırdı.

O saat da qayış ilgəyinin belində dartıldığını hiss etdi. Bərk ağrıdırdı. Yuxarı çıxan Birk hər dartınanda Roni qışqırırdı.

“Deyəsən, qayış məni tən ortadan kəsəcək, mən də bizim qala kimi iki yerə bölünəcəm”, – Roni fikirləşdi və inildəməsin deyə dişlərini sıxdı.

Amma birdən dartınma zəiflədi – Birk onun başı üstündə dayanıb baxırdı.

– Yaxşıca uzanmısan, – dedi.

– Aha, – qız dedi. – Yəqin, bir də atdanmayacaqsan?

– Yox, o tərəfə düşmək üçün bir dəfə də tullanmalı olacağam. Borkanın qalasına, evə qayıtmalıyam axı.

– Bircə mənim qayışımı tez çıxart! – Roni əmr verib ayağa qalxdı. – Mən sənə bağlı qalmaq istəmirəm, anladın?

Birk o dəqiqə qayışın ilgəyini açdı.

– Anladım, – dedi. – Ancaq indi onsuz da sənə bağlanmışam. Hətta qayışsız da.

– Get burdan, eşidirsən, – Roni qışqırdı. – Ad tapıb mənimçün – “Borkanın qalası”. Yeri burdan!..

O yumruğunu sıxdı, qolaylanıb oğlanın burnuna vurdu. Birk isə gülüb dedi:

– Amma bir də belə şey olmasın ha, bildin? Sən mənim həyatımı xilas elədin. Çox yaxşılıq elədin. Sağ ol!

– Get burdan, deyirəm sənə! – Roni çığırıb yan-yörəsinə baxmadan irəli atıldı. Qala divarından çıxışa çatanda Birkin ardınca qışqırdığını eşitdi:

– Ey, quldur qızı!.. Biz hələ görüşəcəyik!

Qız çevrilib gördü ki, o, sonuncu dəfə tullanmağa hazırlaşır.

– Ümidvaram ki, sən bu dəfə də ora düşəcəksən, Borkanın oğlu, – Roni qışqırdı.

Hər şey Roninin güman etdiyindən də pis oldu. Mattis elə qəzəbləndi ki, quldurlar da qorxdu.

Amma əvvəlcə heç kəs ona inanmadı və Mattis, bəlkə də, ömründə birinci dəfə qızına acıqlandı.

– Nə qədər istəyirsən yalan danış, bircə belə cəfəngiyat uydurma. Bircə bu qalmışdı beyninə yeridəsən ki, Borkanın quldurları Mattisin qalasına yerləşiblər. Bax sənə qulaq asdıqca hirsimdən cin atına minirəm, hərçənd bilirəm ki, hamısını özündən uydurursan.

– Yox, – Roni dedi, – mən yalan danışmıram.

Yenə də başladı Birkdən öyrəndiklərini danışmağa.

– Yalandır! – Mattis qışqırdı. – Özü də Borkanın oğlu yoxdur. Onun heç yerli-dibli uşağı yoxdur. Bu hamıya çoxdan məlumdur.

Quldurlar dinməzcə oturmuşdular, heç kim sükutu pozmağa ürək eləmirdi. Birinci özünə gələn Fosok oldu:

– Əlbəttə, belədir, ancaq adamlar çərənləyirlər ki, onun oğlu var. Onu Undisa qorxu içində həmin tufanlı gecə bizim Roni anadan olanda doğub.

Mattisin odlu baxışları onu dəlib keçdi.

– Heç kim də mənə bu haqda bir kəlmə belə deməyib? Düzünü deyin görüm, məndən daha nələri gizlədirsiniz?

O, quldurlara vəhşi bir nəzər saldı, stoldan dərhal iki fincan pivə götürüb tolazladı, bütün divarı ağ köpüyə buladı.

– Borkanın küçüyü mənim qəsrimdə gəzirsə, bu nə deməkdir? Roni, sən də onunla söhbət edirsən?

– O mənimlə danışırdı.

Mattis yenə də vəhşi heyvan kimi nərildəyərək boşqabdan qoyun ayağını götürüb divara elə çırpdı ki, ətrafa piy damcıları çiləndi.

– Sən israr edirsən ki, Borkanın küçüyü guya atasının, bu qotur köpəyin öz zir-zibilləriylə mənim qəsrimin Şimal qülləsinə köçməsiylə öyünürmüş?

Roni qorxurdu ki, atası hər şeyi bilən kimi ağlını itirəcək, buna baxmayaraq ona həqiqəti deməyi qərara aldı: axı Borka və adamlarını Şimal qülləsindən başqa cür qovmaq mümkün deyildi.

– Bəli, indi bizim Şimal qülləmiz Borkanın qalası adlanır. Məsələ belədir, ata.

Mattis daha qorxunc səslə bağırıb şorba qazanını qarmaqdan qopararaq elə tulladı ki, qaynayan horra döşəməyə töküldü.

Bayaqdan bir kəlmə də danışmayan Lovisa zalda baş verənlərin hamısını eşidir və görürdü. Amma indi əsəbiləşdi. İçi səhər quş saxlanan həyətdən gətirdiyi yumurtalarla dolu kasanı götürüb Mattisə yaxınlaşdı.

– Al, tolazla, çəkinib-eləmə, bircə yadında saxla ki, hər şeyi özün, öz əllərinlə yığışdıracaqsan, anladın?

Mattis heyvan kimi bağıra-bağıra yumurtaları bir-birinin ardınca divara vurmağa başladı; daş döşəməyə ağlı-sarılı yumurta içi axdı.

Sonra başladı ağlamağa.

– Mən tülkü öz yuvasındakı kimi, qartal öz sığınacağındakı kimi sakit yaşamışam! İndisə…

Mattis özünü döşəməyə atıb daş plitələrdə diyirlənməyə, yaralı heyvan kimi ulamağa və ağzına gələni deməyə başladı, axırda bu, Lovisanı bezikdirdi.

– Dayan, bəsdir, – dedi. – Qışqırmaqla heç nə eləyə bilməzsən. Ayağa qalx görüm, hamı səni gözləyir.

Ac quldurlar stolun ətrafında dinməzcə oturmuşdular. Lovisa qoyun ayağını döşəmədən götürüb əsgiylə sildi.

– Yerə salandan sonra yesən, daha dadlı olacaq, – dedi və əti iri tikələrə bölməyə başladı.

Cin atına minmiş Mattis yerindən qalxdı, könülsüz halda həmişəki yerində oturdu, amma tikəni uda bilmədi. Pırtlaşıq tüklü başını əllərinin içinə alıb burnunun altında nəsə mızıldanır, arabir elə ucadan nəfəs çəkirdi ki, zalın ən uzaq künclərində eşidilirdi. Bu zaman Roni atasına yanaşdı, onu qucaqlayıb yanağını yanağına söykədi.

– Kədərlənmə, ata, – dedi. – Onları bayıra atmaq lazımdır, vəssalam.

– Demək asandır, – Mattis qaşqabaqla donquldandı.

Quldurlar bütün axşamı ocağın qırağında oturub talelərini həll etməklə məşğul oldular. Mattis hey baş sındırırdı ki, Borkanın quldurlarını Şimal qülləsindən necə qovsun.

Ancaq o hər şeydən əvvəl anlamaq istəyirdi ki, bu yaramazlar, bu avaralar Şimal qülləsinə necə çıxıblar və necə olub ki, Mattisin quldurlarının heç biri bunu görməyib. Axı qalaya istər piyada, istərsə atla girmək üçün gərək mütləq Qurd dərəsindən keçəsən, burada Mattisin gözətçiləri gecə-gündüz keşik çəkir. Onların heç biri şübhəli heç nə hiss etməmişdi.

Keçəl Per irişdi:

– Mattis, ağlına gəlmirmi ki, onlar dağlarda gəzə-gəzə gəlib, Qurd dərəsinə çıxıb mehribanlıqla belə deyiblər: “Bizi buraxın, dostlar, biz sizin Şimal qüllənizə köçmək istəyirik”. Hi-hi!

– Ay ağıllı, yaxşısı budur, de görək, onlar hansı yolla gəliblər, hə?

– Əlbəttə, nə Qurd dərəsiylə, nə də qala qapılarıyla, – Keçəl Per cavab verdi. – Bu aydındır… Onlar qalanı şimal tərəfdən dolanıblar, orada bizim keşikçilərimiz yoxdur…

– Orada keşik çəkməli nə var axı? Qalaya giriş yoxdur, bircə dik qaya var. Bəlkə, onlar milçək kimi divarda gəzə bilirlər? Elədirmi? Sonra da dar mazğallardan keçiblər? Hə?

Birdən Mattisin ağlına nəsə gəldi, gözlərini Roniyə zilləyib soruşdu:

– Bəs sən orada neyləyirdin?

– Mən? Uçurumdan qorunmağı öyrənirdim, – Roni cavab verdi.

İndi o, Birki sorğu-suala tutmadığı üçün heyifsilənirdi. Bəlkə, onda Borkanın quldurlarının Şimal qülləsinə necə girdiklərini öyrənə bilərdi. Amma bunu əldən qaçırmışdı.

Gecə Mattis təkcə sıldırımın yanında yox, uçurumun divarları yanında da gözətçi qoydu.

– Borkadan hər şey gözləmək olar, – dedi. – Birdən uçurumdan qızmış öküz kimi tullanıb bizi qaladan qovar.

Mattis yenə pivə parçını götürüb divara elə tolazladı ki, köpük parçaları zala dağıldı.

– Lovisa, indi yatağa girirəm, amma yatmayacağam, – Mattis dedi, – fikirləşəcəyəm. Onları qaladan necə qovmağın qərarını mən verməliyəm. Kim mənə mane olsa, vay halına…

Roni də uzun müddət yata bilmədi. Niyə belə kədərliydi? Niyə onun həyatı birdən-birə belə dəyişdi? Niyə? Hələ bu Birk… Onu görəndə qız necə sevinmişdi. Ona, axır ki, öz həmyaşıdını tapmaq nəsib olmuşdu, amma gərək bu, Borkanın oğlumu olaydı?




IV


Ertəsi gün Roni dan yeri ağaranda oyandı. Atası artıq stol arxasında oturub sıyıq yeyirdi, amma kasadakı sıyıq, demək olar ki, azalmırdı. Qaşqabaqla qaşığı ağzına aparır, amma ağzını açmağı unudur və az yemək udurdu. O yalnız Balaca Klipp özünü zala salanda ayıldı; Klipp Sturkas və Tyoqe ilə birlikdə qalanı iki yerə bölən uçurumun yanında keşik çəkirdi.

– Ey, Mattis, tez ol, Borka səni gözləyir! O tayda dayanıb dəli kimi çığırır. Səninlə danışmaq istəyir.

Balaca Klipp bunu deyib cəld bir kənara sıçradı, özü də ehtiyatlı iş tutdu, çünki həmin andaca qulağının dibindən sıyıq dolu taxta kasa uçub divara elə çırpıldı ki, içindəki sıyıq ətrafa dağıldı.

– Sonra özün yığarsan, – Lovisa ciddiyyətlə ona xatırlatdı, ancaq Mattis sanki onu heç eşitmədi də.

– Deməli, Borka mənimlə danışmaq istəyir? Lənət şeytana!.. Neynək, qoy istəsin, ancaq bundan sonra sabah çətin ki o kiminləsə danışa bilsin, – deyə Mattis çənəsini elə sıxdı ki, dişləri qıcırdadı. Bu zaman bütün quldurlar zalda nə baş verdiyinə baxmaq üçün otaqlarından çıxdılar.

– Sıyığı tez yeyin! – Mattis adamlarına əmr verdi. – Getdik! Biz bu vəhşi öküzün buynuzundan tutub uçuruma atmalıyıq.

Roni bir andaca geyindi. Xam dana dərisindən tikilmiş gödəkcə-şalvarı əyninə keçirtmək üçün çox vaxt lazım deyildi. Qar yağana qədər o, adətən, ayaqyalın gəzirdi. Çəkmə geyməyi, ayaqqabılarını bağlamağı xoşlamırdı. Bu səhər tələsmək lazım olduğundan bunu, ümumiyyətlə, etməyəcəkdi. Adi gün olsaydı, tez meşəyə yollanardı, lakin bu, qeyri-adi gün olduğundan tələm-tələsik divardakı dəliyə tərəf getdi ki, görsün orada nə baş verir.

Mattis öz quldurlarını elə tələsdirdi ki, onlar sıyığı yeyib qurtarmamış Lovisayla birlikdə daş pilləkənə sarı qaçdılar. Bircə Keçəl Per kasa qabağında oturub öz gücsüzlüyünü lənətləyirdi. Elə zəifləmişdi ki, hamıyla birlikdə bilmirdi.

– Bu axmaq divara çox uzun bir pilləkən çıxır, – deyə mızıldandı, – mənim dizlərim də yaman əsir.

Səhər soyuq və aydın idi. Günəşin ilk qırmızı şüaları Mattisin qalasını əhatə edən meşəni güclə işıqlandırırdı. Roni diş-diş divara qalxanda bu mənzərəni gördü. O, indi meşəyə, öz yaşıl aləminə həvəslə gedərdi. Burada, bir tərəfində Mattisin, o biri tərəfində Borkanın quldurlarının dayanıb gözlərini bir-birinə zillədikləri bu dəliyin yanında olmağı heç istəmirdi.

“Deməli, onun görkəmi beləymiş, – Roni adamlarının qabağında ayaqlarını aralayıb durmuş, yekə ağzını istehzalı təbəssümlə əyən Borkanı görcək düşündü. – Yaxşı ki, o, Mattis kimi ucaboy, boylu-buxunlu deyil”.

Amma Borka açıq-aşkar güclüydü, buna söz yox idi. Düzdür, boyca elə də hündür deyildi, amma enlikürək, sağlam idi. Kürən saçları ətrafa dağılmışdı. Yanında bir qırmızıbaşlı da durmuşdu, amma saçları hamar idi, uzaqdan baxanda elə bilirdin başına dəmir dəbilqə qoyub. Birk də atasının yanında durmuşdu, görünürdü ki, burada baş verənlər urəyincədir. O, gizlincə başıyla Ronini salamladı, elə bil köhnənin dostuydular. Borkanın küçüyü gör nə xəyal edib, ağlına gör nələr gətirib!

– Yaxşı ki, tez gəldin, Mattis, – Borka dedi.

Mattis qaşqabaqla düşmənini süzdü.

– Mən daha tez gələ bilərdim, bir işə görə ləngidim.

– Bu nə işdir belə? – Borka hörmətlə maraqlandı.

– Təsəvvür et ki, səhər tezdən belə bir şeir qoşmuşam. Adı belədir: “Ölü Borkanın dəfnində ağı”. Bəlkə, bu, dul qalmış Undisaya kiçik bir təsəlli olar.

Borka zənn edirdi ki, Mattis dərhal onunla danışıqlara gedəcək, Şimal qülləsinə köçdüyü üçün qalmaqal salmayacaq. Amma təəssüf ki, bərk məyus oldu. Bunu tez başa düşüb əməlli-başlı qəzəbləndi.

– Yaxşısı budur, sən Lovisaya təsəlli verməyi fikirləş, axı zavallı hər gün səni görüb o iyrənc səsini eşidir!

Onların təsəlli vermək istədikləri Undisa və Lovisa əllərini sinələrində çarpazlayıb qarşı-qarşıya dayanaraq bir-birinə baxırdılar. Döyüşkən görkəmlərindən bəlli olurdu ki, nə bu, nə də o heç bir təsəlliyə ehtiyac duymur.

– Hər halda, mənə qulaq as, Mattis, – Borka yenə başladı. – Biz daha meşəmizdə qala bilmədik, çünki əsgərlər bizi peyin milçəkləri kimi təngə gətirdilər. Mən axı arvad-uşağım və quldurlarımla birlikdə harasa sığınmalıydım.

– Bunun hamısını başa düşmək olar, – Mattis dedi. – Amma qəfildən başqasının yaşadığı yeri zəbt etmək, heç ev yiyəsinin özündən də icazə almamaq vicdanlı, ləyaqətli adamlara yaraşan hərəkət deyil.

– Belə söhbətlər quldur üçün qəribə səslənir, – Borka qışqırdı. – Məgər sən heç kəsdən icazə almadan istədiyini götürmürsənmi?

– Hm, hm, – Mattis mızıldandı.

O, açıq-aydın nə cavab verəcəyini bilmirdi, hərçənd Roni başa düşmədi ki, atası özünü niyə itirdi.

“Maraqlıdır, – fikirləşdi, – görəsən, Mattis nəyi icazə almadan götürür? Bunu mütləq aydınlaşdırmaq lazımdır”.

– Yeri gəlmişkən, – Mattis bir qədər susandan sonra dedi, – sizin mənim qalama necə girməyinizi öyrənmək maraqlı olardı ki, elə həmin yolla da bayıra atılasınız.

– Nolar, yoxla, – Borka cavab verdi. – Bilmək istəyirsən bura necə girmişik? Görürsənmi, bizdə bir oğlan uşağı var, o, uzun möhkəm kəndirlə ən hündür divara çıxa bilir. – Bunu deyib Birkin kürən saçlarını sığalladı, o da cavabında gülümsədi. – Bax həmin bu oğlan kəndiri yuxarıda bərkitdi, biz də hamımız bu kəndirlə çıxdıq, sonra sakitcə qülləyə girib orada özümüzçün rahat bir quldur yuvası saldıq.

Mattis bunları eşidəndə acığından dişlərini qıcadı:

– Mən bilən, Şimal qülləsində heç qapı da yoxdur…

– Öz qalanı yaman da tanıyırsan, hərçənd bütün ömrünü burada keçirmisən. Orada qapı vardı. Bu qəsr zadəgana məxsus olanda onun qulluqçuları donuzları yedizdirmək üçün pəyəyə bu qapıdan keçirlərmiş. Heç olmasa, yadındadır, biz uşaq olanda köhnə donuz damı haradaydı? Səninlə orada siçan tuturduq, axırda atan gəlib peysərimə elə bir şapalaq vurdu ki, dedim, yəqin, başım qopdu.

– Hə, atam həmişə düz hərəkət edərdi! Borkanın dəstəsindən bir nəfər də payını almamış ondan yaxa qurtara bilməzdi.

– Hə-hə, – Borka təsdiqlədi. – Bu şapalaqlar məni öyrətdi ki, Mattisin dəstəsinin bütün yaramazları mənim qatı düşmənlərimdir. Buna qədər nə mən, nə də sən bilmirdik ki, əslimiz-nəslimiz başqadır.

– Ancaq mən indi yaxşı bilirəm, – Mattis dedi, – ya biz “Ölü Borkanın dəfnində ağı”nı oxuyacağıq, ya da sən öz zir-zibilinlə qalaya gəldiyin yollaca rədd olub gedəcəksən.

– Şübhə eləmirəm ki, bizlərdən birimiz dəfn ağısı oxuyacağıq, – Borka dedi, – amma mən Şimal qülləsindən heç yerə getməyəcəyəm.

– Buna hələ baxarıq, – Mattis dedi, quldurları da hamılıqla təsdiqlədi.

Onlar o dəqiqə silaha əl atdılar, amma Borkanın quldurları da silahlanmışdılar, uçurumun kənarında belə bir döyüş yaxşı bitməyəcəkdi, bunu Mattis də, Borka da bilirdi. Buna görə də, adətləri üzrə, bir-birini bir də yamanlayıb növbəti görüşün vaxtı çatana qədər ayrıldılar.

Mattis daş zala qayıdanda quldurları kimi heç də qalibanə görünmürdü. Keçəl Per gələnlərə göz vurub dişsiz ağzını açaraq gülümsədi.

– Hə, sənin buynuzundan tutub uçuruma atmaq istədiyin öküzün kefi necədir? Görüş necə keçdi? Yəqin, elə bir gurultu qopdu ki, bütün qalanı lərzəyə saldı?

– Sən sıyığını ye, qoca, özün də sus, öküzün məsələsini isə mənə həvalə elə, – Mattis dedi. – Vaxt gələr, mən onunla hesablaşaram.

Amma nə qədər ki vaxt yetişməmişdi, Roni meşəyə yollandı. Günlər qısalmışdı. Bir neçə saatdan sonra günəş batacaqdı, o isə həm meşəyə, həm də gölə baş çəkmək istəyirdi. Günəşin işıqlandırdığı su səthi ərimiş qızıla bənzəyirdi. Lakin Roni bilirdi ki, bu, qızıl deyil, sudur, özü də buz kimi soyuq sudur. Buna baxmayaraq paltarını çıxarıb qaranquş kimi suya baş vurdu. Əvvəlcə yanmış kimi qışqırdı, sonra sevinclə gülüb üzməyə başladı, o qədər üzdü ki, axırda lap dondu və sahilə çıxdı. Tir-tir əsə-əsə dəri gödəkcəsini geyindi, ancaq görəndə ki canı qızmır, qaçmağa üz qoydu.

Roni soyuq canından çıxana, yanaqları alışana qədər ağacların arasıyla qaçdı, daşların üzərindən cin kimi tullandı. Ancaq belə yüngülləşdiyi üçün sevinə-sevinə qaçmağından qalmadı. Şən çığırtıyla iki qalın küknarın arasından keçərkən təsadüfən Birklə toqquşdu. Yenə də hirsləndi. Hətta meşədə də onu rahat buraxmırlar!

– Ehtiyatlı ol, quldur qızı, – Birk dedi. – Doğrudanmı belə tələsirsən?

– Bunun sənə dəxli yoxdur, – Roni çəmkirib yoluna davam etdi.

Ancaq getdikcə addımlarını yavaşıtdı: ətrafa baxıb istəyirdi görsün Birk meşədə neyləyir.

O isə Roniyə məxsus tülkü ailəsi yaşayan yuvanın yanında oturmuşdu. Roni daha da qəzəbləndi, axı bu onun tülküləriydi. Bala tülkülər yazda dünyaya gələndən onlara göz qoyurdu. İndi tülkülər böyümüşdülər, amma hələ də balacalar kimi vurnuxurdular. Atılıb-düşür, bir-birini dişləyir, mağaranın ağzında diyirlənirdilər, Birksə oturub onlara baxırdı. Kürəyi ona sarı otursa da, qızın onun arxasında durduğunu hiss edib geri çevrilmədən qışqırdı:

– Sənə nə lazımdır, quldur qızı?

– Mənə o lazımdır ki, – Roni cavab verdi, – sən mənim tülkülərimi dinc qoyub meşəmdən gedəsən.

Birk ayağa qalxıb ona tərəf gəldi.

– Sənin tülkülərin!.. Sənin meşən!.. Tülkülər heç kimin deyil, başa düşdün? Özləri də sənin meşəndə yox, tülkü meşəsində yaşayırlar. Bu həm də canavarların, ayıların, sığınların, vəhşi atların, yapalaqların, bayquşların, qumruların, qırğıların, ququ quşlarının, tırtılların, hörümçəklərin, qarışqaların meşəsidir…

– Mən bu meşədə yaşayan bütün heyvanları tanıyıram, – Roni dedi. – Burada boş-boş danışıb mənə ağıl öyrətmək lazım deyil.

– Deməli, sən onu da bilirsən ki, meşə həm də boz cırtdanlara, qəzəbli drudlara, qulyabanılara, trollara[3 - Trol – Skandinaviya folklorunda əfsanəvi varlıqlar, cinlər, divlər] məxsusdur…

– Budur, sənə deyirəm: ya məndən yaxşı bildiyin bir şeydən danış, ya da dilini dinc qoy.

– Bu mənim də meşəmdir. Həm də sənindir, quldur qızı. Bəli, həm də səninkidir. Ancaq onu yalnız özününkü sayırsansa, onda mənim ilk dəfə düşündüyümdən də axmaqsan.

O, qıza baxdı, onun mavi gözləri nifrətdən qaraldı. İndi o, qıza nifrət edirdi, bu, aydın idi, Roni də buna sevinirdi. Qoy qızın haqqında ağlına gələni fikirləşsin, o isə oğlanı bir daha görməmək üçün evə qayıdacaq.

– Mən meşəni tülkülərlə də, ququ quşlarıyla da, hörümçəklərlə də bölüşdürməyə hazıram, bircə səninlə bölüşmək istəmirəm! – deyə qışqırıb qaçdı.

Birdən gördü ki, ağacların arasıyla duman sürünür. O, yerdən boz lopalar şəklində qalxıb ətrafı bürüyürdü. Günəş birdən yox oldu, suyun qızılı parıltısı söndü. Nə bir qaya göründü, nə də bir cığır. Ancaq Roni qorxmadı. Hətta ən qatı dumanda belə Mattisin qəsrinə gedən yolu tapıb özünü evə Lovisa Qurd mahnısını oxumazdan əvvəl çatdıra bilərdi. Bəs Birk necə olacaq? Söz yox ki, o, Borkanın meşəsində bütün yolları, cığırları tanıyır, amma Mattisin meşəsində aza da bilər. Nolar, sabahısı gün gələnə, duman seyrələnə kimi ən yaxşısı tülkülərin yanında qalmasıdır. Birdən oğlanın səsini eşitdi:

– Roni!

Gör ha! Ona “quldur qızı” desə də, adı yadındaymış.

O, yenə də qışqırdı:

– Roni!

– Hə, nədir, – qız da cavabında qışqırdı. O artıq qıza çatmışdı.

– Bu duman nəsə məni qorxudur, – dedi.

– Aydındır, qorxursan ki, quldur yuvana gedən yolu tapmayasan. Onda tülkülərlə birlikdə yuvada gecələməli olacaqsan. Axı sən hər şeyi hamıyla bölmək istəyirsən.

Birk güldü:

– Yaman acıdilsən ha, quldur qızı! Mattisin qalasına gedən yolu sən məndən asan taparsan. Olarmı biz meşədən çıxana kimi sənin gödəkcənin ətəyindən yapışım?

– İstəyə bax da! Əlbəttə, olmaz, – Roni cavab verdi və bir dəfə oğlanı ölümdən xilas etdiyi dəri qayışı açıb bir ucunu ona uzatdı.

– Bircə mənə yaxın gəlməyəsən ha! Aydındır?

– Yaxşı, ay yazıq.

Beləcə yola düşdülər. Duman onları hər yandan dövrəyə almışdı. Roni əmr etdiyi kimi bir-birindən dartılmış qayış qədər aralıda dinməzcə gedirdilər. Əsas məsələ cığırı itirməmək idi: bircə səhv addım atsan, azacaqdın – Roni bunu bilir, ancaq qorxmurdu.

Cığırı əlləri, ayaqlarıyla yoxlaya-yoxlaya tapırdı; daşlar, ağac gövdələri, kollar yol işarələri kimi köməyinə çatırdı. Yavaş-yavaş gedirdi, onsuz da qəsrə Lovisa Qurd mahnısını oxumazdan əvvəl çatacaqdı. Bir də axı nədən qorxmalıydı ki?

Bununla belə, heç yerdə bundan qəribə meşə görməmişdi. Roniyə elə gəldi ki, burada bütün həyat donmuş, sönmüşdür və birdən özünü pis hiss etdi. Doğrudanmı bu onun beş barmağı kimi tanıdığı, ürəkdən sevdiyi meşədir? Niyə bu gün bura belə sakit və qorxuludur? Bu duman pərdəsinin arxasında nə gizlənir? Hiss edirdi ki, orada naməlum və təhlükəli bir şey var, amma nə olduğunu anlamır, bu da onu qorxudurdu.

“Tezliklə evə çatacağam, – deyə özünü sakitləşdirmək üçün fikirləşirdi, – tezliklə yatağıma uzanıb Lovisanın Qurd nəğməsini oxumasına qulaq asacağam”.

Amma bu fikir nədənsə Roniyə rahatlıq vermirdi. Qorxusu get-gedə artırdı, axırda onu elə vahimə basdı ki, ömründə belə qorxuya düşməmişdi. İstədi Birki səsləsin, amma elə asta, güclə eşidiləcək səslə çağırdı ki, ürəyi düşdü.

“Yoxsa dəlimi olacağam, – düşündü, – doğrudanmı axırım çatıb?”

Bu zaman duman içindən asta, incə səslər eşidildi. Bu səslər get-gedə gözəl bir mahnıya çevrildi. Roni heç vaxt bu mahnıya oxşar bir şey eşitməmişdi. Sehrli mahnı meşəni bir andaca məftunedici musiqiylə doldurdu. Onun qorxusu keçdi, sakitləşdi, bir dəqiqənin sehriylə donub-qaldı. Deyəsən, onu məftun edən çoxsəsli xor idi. Bəli, o hiss edirdi ki, naməlum müğənnilər onu öz yanlarına çağırır, onun dumandan keçib onlara tərəf qaçmasını istəyirlər.

Bu qeyri-adi mahnı getdikcə daha ucadan eşidilir, Roninin ürəyi elə şirin-şirin titrəyirdi ki, onu evdə gözlədikləri, Lovisanın Qurd mahnısını oxumağa hazırlaşdığı lap yadından çıxdı. Hər şeyi unutdu, indi bircə istəyi bu idi ki, onu duman içindən səsləyənlərin yanına getsin.

– Gəlirəm, gəlirəm… – Roni qışqırıb cığırdan çıxdı.

Amma kənara bir neçə addım atmamış Birk qayışı elə bərk dartdı ki, qızı yıxdı.

– Hara gedirsən? – əcaib səslə bağırdı. – Yeraltı cin-şəyatinin yanına getsən, axırın çatacaq. Özün bilirsən!

Bəli, qız yer altında yaşayan cin-şəyatin haqqında eşitmişdi. Bilirdi ki, bu məxluqlar öz qaranlıq məskənlərindən duman gələndə çıxır, amma onlardan bircəciyini də görməmişdi. İndisə Roni onların dalınca hara olsa qaçmağa, hətta yer altında həmişəlik qalmağa da hazır idi, bircə ömürboyu bu gözəl mahnıya qulaq asaydı.

– Gəlirəm, gəlirəm!.. – o, yenə qışqırıb ayağa qalxdı.

Amma Birk özünü yetirib onun çiyinlərindən yapışdı.

– Burax! – Roni özünü müdafiə etməyə başladı. – Burax, eşidirsən!

Birk bərk-bərk onu tutdu.

– Axmaqlama! – dedi. – Özünü məhv eləmə!

Amma qız onu eşitmədi. Yeraltı varlıqların meşəyə səs salan mahnısı qarşısıalınmaz maqnit kimi onu özünə çəkirdi.

– Gəlirəm, gəlirəm! – o, üçüncü dəfə qışqırıb Birkin əlindən çıxmaq üçün əl-qol atdı.

Qız Birki vurur, cırmaqlayır, qışqırır, ağlayır, yalvarırdı ki, onu buraxsın, axırda oğlanın yanağını dişlədi, ancaq o, yenə də qızın çiyinlərindən bərk-bərk yapışmışdı.

Uzun müddət beləcə qaldılar. Birdən duman gəldiyi kimi də sürətlə seyrəlməyə başladı. O saat mahnı da kəsildi. Roni sanki dərin yuxudan ayıldı. Evə gedən cığırı, dağın arxasında batan günəşi, bir də yanında dayanmış Birki gördü.

– Mən axı sənə tapşırmışdım ki, bu qayış qədər aralıda dayanasan, – Roni dedi və oğlanın yanağının qanadığını görüb soruşdu: – Nolub, səni tülkü qapıb, hə?

Oğlan cavab vermədən qayışı açıb ona uzatdı.

– Sağ ol. İndi Borkanın qülləsinə gedən yolu özüm taparam.

Roni şübhəylə onu süzdü. Ancaq bu dəfə hirslənə bilmədi, səbəbi özünə də aydın deyildi.

– Di sürüş burdan! – mülayimliklə dedi və qaçıb getdi.




V


Həmin gecə Roni atasıyla birlikdə yanan buxarının yanında oturmuşdu. Birdən yadına düşdü ki, ondan bəzi şeyləri soruşmalıdır.

– Borkanın dediyi, sənin heç kimdən soruşmadan götürdüyün nədir elə?

– Bir buna bax, – Mattis ocaqdakı qızmış kömürləri göstərib dedi. – Bu sir-sifəti görürsən? Borkaya oxşayır, eləmi? Görüm onu lənətə gəlsin!

Amma Roni yanan kömür parçalarında Borka-zad görmədi və inadla sualını təkrar etdi:

– Sən soruşmamış nəyi götürmüsən axı?

Mattis heç bir cavab vermədi, onun əvəzinə Keçəl Per dilləndi:

– Çox şey götürüb!.. Ho-ho!.. Hi-hi… Hə, hə!.. O qədər şey götürüb ki!.. Bəzilərini mən, bəlkə də, yada sala bilərəm…

– Sus! – Mattis hirslə onun sözünü kəsdi. – Sənə dəxli yoxdur.

Keçəl Perdən başqa bütün quldurlar yatmağa getmişdi, Lovisa isə həyətə çıxmışdı ki, gecə qoyun-quzunun, toyuq-cücənin ağzını bağlasın. Buna görə də Mattisin qızına quldurluğun nə olduğunu izah etdiyini bircə Keçəl Per eşitdi. Demə, quldur o adammış ki, heç kimdən icazə almadan istədiyini götürürmüş.

Ümumiyyətlə, Mattis işindən utanmırdı. Əksinə, fəxr edir, öyünürdü ki, bütün meşələrin, dağların ən qüdrətli quldurbaşısıdır. Amma indi bunu Roniyə danışmalı olanda özünü pis hiss etdi. Şübhəsiz, vaxt keçdikcə ona öz işləri haqqında danışacaqdı, ancaq bu söhbətdən məmnuniyyətlə yayınardı.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/astrid-lindgren/quldur-qizi-roni-68289802/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Drud – Skandinaviya folklorunda əfsanəvi varlıqlar, şər ruhlar




2


Mazğal – qala divarında silah işlətmək üçün deşik




3


Trol – Skandinaviya folklorunda əfsanəvi varlıqlar, cinlər, divlər



Bir quldurbaşının qızı ilə onun qatı düşməninin oğlunun təhlükəli macəralarından bəhs edən bu əsəri oxuduqdan sonra uşaqların böyüyəndə valideynləri kimi quldur olmayacaqlarına and içmələrinin səbəbini biləcəksiniz.

Как скачать книгу - "Quldur qızı Roni" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Quldur qızı Roni" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Quldur qızı Roni", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Quldur qızı Roni»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Quldur qızı Roni" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги серии

Книги автора

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *