Книга - Diplomat

a
A

Diplomat
Ceyms Oldric


Dünya ədəbiyyatından seçmələr
Bu romanda hadisələr 1945-1946-cı illərdə Sovet İttifaqında, İranda (o cümlədən Cənubi Azərbaycanda), İngiltərədə cərəyan edir. Romanın baş qəhrəmanı olan Mak-Qreqor obrazının prototipi Ceyms Oldric özüdür.





Ceyms Oldric

Diplomat





BİRİNCİ KİTAB





LORD ESSEKS





Birinci fəsil


Lord Esseks təyyarədə oturub trubka çəkir və gedənlərin geri dönüşünü gözləyirdi. Təyyarənin idarəetmə mexanizmləri buz bağlamış və yerə enməyə məcbur olmuşdu. Küləkli və qarlı rus düzənliyində düşüb qalmışdılar. Mak-Qreqor kömək gətirmək üçün ruslarla birlikdə getmişdi.

Əlli səkkiz yaşlı bu adam yaşından xeyli cavan görünürdü. Onun təravətli qırmızı sifəti, inamlı baxışları və donqar burnu vardı. Esseks yumşaq kresloda mürgüləyir, Moskvaya bir gün gec çatacağı onu narahat edirdi.

Özü Mak-Qreqoru bu səfər üçün seçmişdi. Çünki İran üzrə ən yaxşı mütəxəssis idi. Esseks Moskvada Molotovla olacaq görüşü düşünə-düşünə yuxulamağa çalışdı. Oyananda Mak-Qreqor yanında əyləşmişdi.

– Hə, Mak-Qreqor, bir kənd-filan tapdınız?

– Şimal tərəfdə bir kənd var. Pilot kirşə tapıb gətirəcək. Pilotlardan biri maşın tapmaq üçün hərbi düşərgəyə getdi. Moskvaya buradan qırx mil olar.

– Görünür, sabah Molotovun qəbuluna düşə bilməyəcəyik, – Esseks yerində gərnəşdi. – Hə, siz, doğrudanmı, İran Azərbaycanına bələdsiniz? İranda çox yaşamısınız?

– Az qala ömrüm boyu.

– Əla. Yəqin, Moskvada nəyə nail olmaq istədiyimizi anlayırsınız. Rusları İran Azərbaycanından çıxıb getməyə məcbur etmək və orada Tehran hakimiyyətini bərpa etmək lazımdır. Siz, gərək ki, bir vaxt İngiltərə-İran neft şirkətində geoloq olmusunuz?

– Hə, əslində, mən diplomatiyadan çox az bilirəm. Sizinlə göndəriləndə buna bərk təəccübləndim.

Mak-Qreqor yenidən özünə qapandı. Esseks Mak-Qreqorun rus dilini bilməsinin faydalı olacağını söylədi. Elə bu vaxt rus sərnişinlərin səsləri eşidildi. Onlar təyyarəyə doluşub əşyalarını götürdülər və aşağıda dayanmış kəndli kirşəsinə atdılar.

Pilot şən halda Mak-Qreqora rusca nəsə dedi və kabinəyə keçdi. Hamı əşyalarını aşağıdakı kirşəyə tullayırdı. Kirşə meşə yolu ilə kəndə yollandı. Esseks və Mak-Qreqor da düşüb qarın üstü ilə kəndə sarı addımladılar.

Onlar yerli poçt şöbəsində sobanın yanında oturub qızınanda Esseks deyirdi:

– Ruslara sərt üz göstərməyənə qədər bu məsələ həll edilməyəcək. Azərbaycan məsələsi böyük önəm daşıyır.

– Azərbaycanda əvvəllər də üsyanlar olurdu.

Bu vaxt onların dalınca maşın gəldi. Mak-Qreqor tərləmiş şüşəni silərək yolboyu qarlı çölləri, qaralan meşəlikləri seyr edirdi. Birdən şəhərin işıqları parladı.

Maşın onları Britaniya səfirliyinə gətirdi.




İkinci fəsil


İngilis səfirliyinə ser Frensis Dreyk başçılıq edirdi. O, Esseks və Mak-Qreqoru səhər yeməyinə dəvət etmişdi. Dreyk deyirdi:

– Mən bilirdim ki, gec-tez bu təyyarələrin biri düşəcək. Ruslar dəli kimi uçurlar.

Xidmətçi əlində məcməyi gəlib çıxdı. Dreykin köməkçisi ser Melbi qədəhlərə viski süzdü.

– Hə, Harold, – deyə Dreyk əlində qədəh qonağın qarşısında dayandı, – siz Azərbaycan məsələsində nəyə nail olmaq ümidindəsiniz?

– Bu haqda sizdən soruşmaq lazımdır. Ruslar sonuncu Moskva konfransına necə baxırlar?

– Görünür, nəticələrdən razı qalıblar.

– Əla! Deməli, güzəştə gedəcəklər.

Səhər yeməyi bol və ləzzətli idi. Həm yeyir, həm də söhbət edirdilər. Esseks soruşdu:

– İndi ruslar Azərbaycan məsələsinə nə münasibət bəsləyir?

– Mətbuat onların kortəbii etirazı, faşistlərə satılmış mülkədarlar və Azərbaycan Demokrat Partiyasının bu feodal yırtıcıları necə yıxmasından bəhs edir.

– Mak-Qreqor, sizcə, Azərbaycan üsyanı kortəbii hərəkat sayıla bilərmi? – Esseks soruşdu.

– Bu, tamamilə mümkündür, – Mak-Qreqor dedi.

– Sizcə, Azərbaycanda üsyana nə səbəb olub?

– Ümumi ağır vəziyyət.

Dreyk sərt səslə soruşdu:

– Bununla nə demək istəyirsiniz?

– Tehran hökuməti Azərbaycanı hər zaman sıxışdırıb. Orada hər zaman müxalifətçi partiyalar olub. Bir vaxt konstitusiyalı hökumətin yaranması ilə nəticələnən ilk üsyan da Azərbaycanda baş verib, bu hökumətdə rəhbərlərin çoxu azərbaycanlılar olub.

– Budur, görürsünüzmü, burada nə isə var. Lakin ruslar oradan çıxıb getməli idi, doğrudurmu?

Esseks ciddi nəzərlə Mak-Qreqora baxdı.

– Hamı çıxıb getməli idi.

– Məgər iranlılar təkbaşına öz həyat şəraitlərini yaxşılaşdırmağa qabildirmi? Hə, Mak-Qreqor?

Onun əvəzinə Dreyk cavab verdi:

– Bu, mümkün deyil. Mən iranlıları yaxşı tanıyıram.

– Siz nə deyə bilərsiniz, Mak-Qreqor? İranlılar bir iş görməyə qabildirmi?

– Əvvəllər orada tətillər olmazdı. İndi var. Siyasi partiyalar da yox idi. İndi hər yanda partiyalar qurulur. Orada nə isə yeni hadisələr baş verir. İran Azərbaycanına gəldikdə isə azərbaycanlılar hər zaman muxtariyyət əldə etməyə çalışıblar.

Esseks pəncərəyə yanaşıb buludsuz səmanı, qış səhərini seyr etməyə başladı. Məftil torla hasarlanmış buz meydançasında qırmızı cemperli bir qız konki sürürdü. Esseks Dreykdən soruşdu:

– Rusdur?

– Yox, ingilis qızıdır, – Dreyk Esseksi kabinetinə dəvət etdi və onlar otaqdan çıxdılar.

Esseks və Mak-Qreqor üçün ayrılmış iş otağı birinci mərtəbədə yerləşirdi. Pəncərədən buz bağlamış Moskva çayı, o tayda Kreml görünürdü.

Melbi o tərəfə baxırdı:

– Hökumət bu binalarda işləyir. Stalin elə burada da yaşayır, lakin heç kəs bilmir hansı binada.

Masaya bir bağlama kağız qovluq gətirildi. Bunlar Britaniyanın Tehran səfirliyində Azərbaycana dair toplanmış materiallar idi. Mak-Qreqor onları səliqə ilə masanın üstünə düzməyə başladı. Axşam yatağa uzananda artıq bu kağızların çoxu ilə tanış olmuşdu.








– Hə, Mak-Qreqor, bu, çoxdankı rəqabət məsələsidir. Rusiya öz təsirini yayır. Əgər onlar İran Azərbaycanına sahib olsalar, bütün İran əllərinə keçəcək. Biz İranda hər zaman rusların qarşısını saxlamışıq. Bu dəfə də mane olmalıyıq, – Esseks otağa gəldikdə ona dedi.

Mak-Qreqor öz aləmində idi. Esseks susaraq onun necə işləməsinə baxmağa başladı. Mak-Qreqor ayırmış olduğu dörd səliqəli kağız dəstini göstərib dedi:

– Birincidə İran Azərbaycanında nə baş verdiyi haqda sənədlərdir. İkincidə bizim etirazlardır. Üçüncüdə ruslara verdiyimiz təkliflər, dördüncüdə bu təklifləri müdafiə etmək üçün dəlillərdir. Məzmunu budur ki, İranın şimal əyaləti olan Azərbaycanda bir hərəkat genişlənir. Bizim səfirlik onları separatçı, onlar isə özlərini "demokrat partiyası" adlandırır. Onlar deyirlər ki, mövcud konstitusiya çərçivəsində muxtariyyət elan etmişlər. Azərbaycan demokratları deyirlər ki, onlar kişilər və qadınlar üçün ümumi seçki hüququ tətbiq ediblər, birpartiyalı parlamentə bənzər bir qurum yaradıblar. Onların birincidərəcəli vəzifəsi – torpağı kəndlilərə verməkdir. Ordu və polisin yenidən təşkilini, rüşvətxorluğun qadağan olunmasını tələb edirlər.

Esseks bu izahatı dinləyərkən yalnız gülümsəyirdi.

– Bəs bizim etirazlarımızda nədən bəhs olunur?

– Azərbaycanda hakimiyyətin dəyişməsi zor gücünə və rusların köməyi ilə olub. İran ölkəyə buğda verən rayonlardan məhrum olub. Azərbaycanda təşkil olunan ayrıca ordu vətəndaş müharibəsinə gətirib çıxara bilər…

– Sonra? Üçüncü bağlıda nə var?

– Ruslara təkliflərimiz bunlardır: qayda-qanunu bərpa etmək üçün Azərbaycana İran hökuməti tərəfindən jandarm və hərbi hissələr göndərilməsinə razı olsunlar. Ruslardan tələb edəcəyik ki, demokratlar İran hökumətinə tabe olsunlar. Yaranmış vəziyyəti öyrənmək üçün beş üzvdən ibarət komissiya yaradılmasını tələb edəcəyik.

– Öyrənmək məqsədi ilə komissiya – bu, həmişə faydalı gediş olub, – Esseks qeyd etdi.

– Komissiyanın tərkibinə bir rus, bir ingilis, bir nəfər İran hökumətindən, bir Azərbaycan demokratı, bir nəfər də amerikalı daxil etməyi təklif edirik.

– Bəli, bəli, sözsüz. Amerikalı hökmən olmalıdır. Nə qədər çox tələb olsa, bir o qədər yaxşıdır.

Mak-Qreqor davam etdi:

– Əldə bir sıra faktlar var; məsələn, biz hesab edirik ki, Azərbaycanda baş verən hadisələr demokratik hərəkat deyil, inqilabi hərəkatdır. İran isə belə kəskin hərəkatlar üçün yetişməyib, vətəndaş müharibəsi başlana bilər. Bu isə Orta Şərqdə sülh üçün təhlükə törədər…

– Materialların hamısı budurmu?

– Bəli, – Mak-Qreqor başını qaldırmadan cavab verdi.

– Bu materiallar əsasında biz rusları bütün İrandan sıxışdırıb çıxarmalıyıq. Bizim vəzifəmiz budur.

– Biz nəyə görə rusların İrandan çıxıb getmələrinə belə əlləşirik?

– İlahi! Siz bunu istəmirsiniz?

– İstəyirəm. Amma orada daha vacib iş tapa bilərdik.

– Bundan vacib nə?

– İranda vəziyyət ağırdır. Ruslarla birgə çalışaraq müəyyən işlər görməyi təklif edə bilərik.

– Axı nə təklif edə bilərik?

– İranı idarə edən bir ovuc rüşvətxorun əvəzinə əsl hökumət yaradılmasını… Əgər ruslar bizə kömək etməyə razılaşsalar, bu heç də çətin olmaz. Onda iranlıların dostluğunu qazanardıq.

– Bəlkə, İran neftindən əl çəkək? Onları xalqa verək?

Mak-Qreqor bu cavabdan razı qalmadı. Esseks onun qoluna girib Dreykin otağına apardı. Esseks Kremllə calaşmaq, Molotovun özü ilə danışmaq istəyirdi.

– Bu, mümkün olan iş deyil! – Dreyk səsləndi.

Elə bu vaxt bayaq konki sürən qız əlində kağız qovluq otağa daxil oldu. İndi o, qara libas və ağ yaxalıqda idi.

– Ketrin, nə gətirmisiniz? – Dreyk soruşdu.

– Məlumatlar toplusunu və Tehrandan teleqram.

Qız sakitcə Esseks və Mak-Qreqoru süzürdü. Teleqramı masanın üstünə qoydu.

– Təşəkkür edirəm. Tanış olun: lord Esseks və mister Mak-Qreqor. Bu isə Ketrin Klayvdır, – Dreyk dedi.

Qız başını tərpədərək soyuqqanlılıqla soruşdu:

– Qəzaya uğrayanlar sizsiniz?

– Bəli, – Esseks cavab verdi.

– Ruslar zəng vurub üzr istədilər.

Qız çıxdı. İçəri Melbi daxil oldu.

– Mən telefonda Antonovu tapa bildim. Dedim ki, məsələ İran Azərbaycanı haqqında danışıqlara aiddir. Antonov soruşdu ki: "Lord Esseks Azərbaycan barəsində nə demək istəyir?"

Esseks güldü.

– Mən oturub gözləyə bilmərəm. Mənə maşın verə bilərsinizmi?




Üçüncü fəsil


Səfirliyin "Rolls-roys"u Kremlin sol yanındakı körpüdən keçdi. Maşın Xarici İşlər Nazirliyinə yaxınlaşıb qapıda dayandı. Onlar düşüb içəri keçdilər. Bu gözlənilməz gəlişin növbətçidə çaşqınlıq yaratdığı aydın görünürdü. O, tez harasa zəng etdi. Az keçmiş pilləkəndə qara sağanaqlı gözlük taxmış alçaqboylu bir əməkdaş göründü.

– Hər vaxtınız xeyir, lord Esseks. Gözləməyə məcbur edildiyiniz üçün üzr istəyirik. Lakin gəlişiniz barədə xəbərdar edilməmişik. Yuxarı qalxmağı rica edirəm.

– Sağ olun ki, qarşımıza çıxdınız. Bu isə köməkçim Mak-Qreqordur.

– Mənim soyadım Korindir.

Onlar yuxarıda xalça döşənmiş bir otağa daxil olub əyləşdilər. Korin dedi:

– Cənab Suşkov bu saat gələr. Şöbə müdiri.

Suşkovun gəlişinə müntəzir olan Korin qımıldanmadan oturub susurdu. Suşkov gəldikdə ingilis dilində sərbəst və aydın tərzdə:

– Lord Esseks, sizi sağ və salamat görməyimə çox şadam, – dedi.

Esseks divandan qalxdı və Suşkovun əllərini sıxdı.

– Cənab Molotov nazirliyin bir əməkdaşını səfirliyə göndərmişdi ki, səhhətinizi öyrənsin.

– Görünür, rastlaşmamışıq, – Esseks əllərini yana açdı.

Araya sükut çökdü. Esseks az keçmiş dilləndi:

– İlkin danışıqlar qeyri-rəsmi xarakter daşıyır, müəyyən gündəlik yoxdur. Buna görə özümüz gəldik. Öz ehtiramımızı mister Molotova şəxsən yetirməyi arzulardıq. Bir də ki danışıqlara mümkün qədər tez başlamaq istərdik.

Suşkov dinmədən başını tərpətdi. Sonra söhbət İrandan düşdü. Bəlli oldu ki, ixtisasca dağ mühəndisi olan Suşkov da İrana yaxşı bələddir. Hətta Mak-Qreqorun atasını bir geoloq və coğrafiyaşünas kimi yaxşı tanıyır.

– Mister Molotovu görə bilərik? – Esseks soruşdu.

– Təəssüf ki, indi Moskvada deyil. Moskva konfransında gərgin çalışdıqdan sonra dincəlməyə getmişdir.

– Mister Suşkov, mister Korin, sizinlə tanış olmağıma çox şadam. Lütfən, mister Molotova çatdırın ki, gələn kimi onu görmək bizi çox məmnun edər, – Esseks dedi.

– Biz hər şeyi yoluna qoyar və sizə xəbər çatdırarıq.




Dördüncü fəsil


Səfirlikdə Esseks dedi ki, Suşkov ona xoş təsir bağışladı. Mak-Qreqor da onun barəsində yaxşı rəydə idi:

– Həmədanda bir alimdən başqa hələ atamın əsərlərindən xəbəri olan adama rast gəlməmişəm.

Onlar Molotovun zəngini gözləyirdilər. 1945-ci ilin son günü idi. Axşam düşür, Molotov zəng etmirdi. Esseks düşünürdü ki, Molotov onları bu gün çağırmaz. Melbinin mənzilindəki nahar sükutla keçdi. Nahardan sonra Mak-Qreqor şəhərdə gəzmək istədi. Az qaldı darvazanın ağzında başını aşağı salıb yeriyən qadınla toqquşsun. Ona yol vermək üçün kənara çəkildi, dərhal da onun konkisürən Ketrin Klayv olduğunu anladı. O, Ketrinlə salamlaşdı. Ona səkidən küçəyə enməsində kömək etdi. Ketrin Mak-Qreqorun qolundan bərk-bərk yapışmışdı.

– Siz hara gedirsiniz?

– Elə-belə, Moskvaya baxmaq istədim.

– Əvvəllər burada olmusunuz?

– Xeyr.

– Onda mənimlə Qızıl meydana gedə bilərsiniz. Siz, gərək ki, Mak-Qreqorsunuz, hə?

– Bəli.

Ketrin Klayv səfirliyin attaşesi vəzifəsini icra edirdi.

…Başları söhbətə qarışdığından Qızıl meydandan ötüb-keçmişdilər. "Britaniya müttəfiqi" redaksiyasına gəldilər. Bu qəzet Moskvada ingilislər və amerikalılar tərəfindən ruslar üçün ingiliscə nəşr edilirdi.

Onlar axşamdan keçmiş səfirliyə döndükdə Mak-Qreqor katibə – miss Uilyamsa rast gəldi. Miss Uilyams:

– Mən sizi gözləyirəm. Lord Esseks Molotovun qəbuluna getmişdir. Biz sizi tapmağa çalışdıq.

Mak-Qreqor Dreykin kabinetinə daxil oldu və otaqda indiyədək rastlaşmadığı bir adam gördü. Divana dirsəklənərək uzanmış, əlində trubka tutmuşdu. Sallaq bığları vardı.

– Əyləşin, Mak-Qreqor, – Dreyk dilləndi. – Bu, ser Con Askvitdir. Harada idiniz, Mak-Qreqor?








– Miss Klayvla birlikdə idik.

– Pis deyil, Mak-Qreqor! Özü də Moskvaya gəldiyiniz ikinci gün! – Askvit şuxluqla dilləndi.

– Ümidvaram ki, lord Esseksi çətin vəziyyətə saldığınızı anlayırsınız, – Dreyk davam etdi. – Gərək məsuliyyətinizi anlayıb səfirlikdən uzaqlaşmayaydınız.

– Harold özü birtəhər işin öhdəsindən gələr, – Askvit istehza ilə dedi və təklif etdi: – Bəlkə, centlmenlər bu söhbəti sabaha saxlasınlar?

Dəhlizdə Askvit Mak-Qreqora dedi:

– Yaxşısı budur gedək bizə, Haroldu birlikdə gözləyək. Arvadım şotlanddır, sizi evə aparmasam, məni bağışlamaz.

– Artıq gecdir, – deyə Mak-Qreqor etiraz etsə də, Askvit onun qoluna girdi. Artıq boyun qaçırmaq yersiz olardı. Onlar həyətdən keçib Askvitin yaşadığı evə tərəf gedəndə saat gecəyarısını vurdu və havaya aramsız fişənglər atılmağa başladı. Moskva Yeni ili qarşılayırdı.




Beşinci fəsil


Esseks Mak-Qreqora acıqlı idi: Mak-Qreqorun əvəzinə onu bu uzunqulaq Melbi və İran haqqında heç nə bilməyən tərcüməçi Coys müşayiət edirdi.

Molotov tipik rus sifətli gülərüz adamdı. Ucaboy deyildi. Ağarmış qabarıq bığları vardı. Oval şüşəli gözlük taxmışdı. Molotov onun əlini sıxıb danışmağa başladı. Arxada dayanmış rus tərcümə edirdi. Molotov təyyarə qəzasına görə təəssüf etdi, Yeni ildə ona ən xoş arzularını çatdırdı. Sonra digər adamları bir-birinə təqdim etdilər.

Molotov divanda, Esseks üzbəüzdəki kresloda əyləşdi.

Esseks kirşə ilə səyahətlərini danışanda Molotov şən-şən güldü. Sonra mətləbə keçməyi lazım bildi.

– İran haqqında danışmağa icazə verərsinizmi?

– Buyurun, – Molotov çox sakit tərzdə dilləndi.

– Moskva konfransından sonra İran Azərbaycanında şəraitin durmadan pisləşməsi bizi narahat edir. Bu əyalətdə hakimiyyəti ələ keçirən separatçıların hərəkətlərindən narazıyıq. İstərdik bu məsələni sovet hökuməti ilə birlikdə yoluna qoyaq.

– Bizim mövqeyimiz tam aydındır. Biz İranın daxili işlərinə qarışmayacağıq. İranda demokratik qüvvələrə də mane olmayacağıq, – Molotov təbəssümlə dedi.

– Mənim hökumətim İran Azərbaycanında yaranmış vəziyyətdən və onun bütün ölkəyə təsirindən narahatdır. Odur ki bir neçə təklifimiz var. Onları şərh etmək üçün izin verməyinizi rica edərdim.

– Əgər ingilis hökuməti İran Azərbaycanında baş verən hərəkatdan narahatdırsa, ona doğru məlumat verilməyib. Orada demokratik hərəkat baş verib, bu hərəkat bütün İrana yalnız faydalı ola bilər.

– İran Azərbaycanında bu hərəkat demokratik deyil, separatçı hərəkatdır. Buna sübutlarımız var. Onların məqsədi Azərbaycanı İrandan ayırmaq və orada müstəqil dövlət qurmaqdır. Bu isə, mister Molotov, 1942-ci ilin sovet-ingilis müqaviləsinə ziddir, – Esseks portfelindən bir sənəd götürərək dedi.

– Görünür, Britaniya hökumətinə yanlış məlumat verilib, – Molotov üzünün ifadəsini dəyişmədən dedi.

– Biz, həqiqətən də, dəqiq məlumatlara malik deyilik. Sorğumuza sovet səfirliyindən heç bir cavab almamışıq. Əyalətdəki vəziyyət Azərbaycan Demokrat Partiyası adlanan partiyanın bəyanatlarına əsaslanır. Onların hərəkətləri bütün İran üçün təhlükəlidir. İran Azərbaycanında yaranmış vəziyyət Böyük Britaniya və Sovet İttifaqına eyni dərəcədə dəxli olan məsələdir.

– Britaniya hökuməti bunu yerli, yoxsa beynəlxalq məsələ hesab edir?

– İndiki zamanda yerli əhəmiyyətli.

– Onda mən hesab edirəm ki, bu müzakirənin yeri İran olmalıdır. Böyük Britaniya və Sovet İttifaqı səfirləri arasında. Yerli əhəmiyyətli məsələlər onlara aiddir.

Molotov haqlı idi. Esseks tələyə düşmüşdü. Onun çoxtərəfli komissiya yaratmaq təklifi də uğur qazanmadı.

– Fikrimizcə, orada hər şey yaxşıdır. Biz axı nə barədə danışmalıyıq? – Molotov soruşdu. Sonra ayağa qalxdı. Bununla da bildirdi ki, görüş bitib. Esseks anladı ki, getməkdən başqa çarəsi qalmayıb. Paltosunu geyindi, kibrit çöpü götürüb trubkasını yandırdı və dedi:

– Lakin mister Molotovun cavabını qəti saya bilmərəm. Yaxın günlərdə mister Molotovla bir daha görüşməyə ümidvaram.

Molotov heç nə demədən onu qapıya qədər ötürdü. Onlar yenidən bir-birinin əlini sıxdılar. Esseks qapıda:

– Biz hələ görüşəcəyik, – dedi. – Mister Molotovun zəngini gözləyə bilərəmmi?

– Ola bilər, – deyə Molotov ötəri baş əydi.

Maşın səfirliyin darvazasından həyətə girəndə hündürboy bir kişi: “Harold!” – deyə səsləndi.

– Kimdir? – Esseks soruşdu.

– Aman Tanrım, məni tanımadı!

– Kimdir? – Esseks bu dəfə qeyzlə soruşdu.

– Con Askvit.

– Lənət şeytana, siz burada nə edirsiniz?

Onlar qucaqlaşdılar.

– Üç aydır buradayam. Gedək bizə.

Esseks qapıda Askvitin arvadı Ceyn ilə köhnə tanışlar kimi şən səslə görüşdü. Etinasız halda Mak-Qreqora gülümsədi, amma heç nə demədi.




Altıncı fəsil


Səhər yuxudan oyananda otaq günəşin qızılı şüaları ilə işıqlanmışdı. Mak-Qreqor yuyundu, səhər yeməyini yedi və Ketrin Klayva zəng vurdu.

– Sabahınız xeyir, – Ketrin cavab verdi. – Hə, necə oldu, dünən axşam sizi tapa bildilərmi?

İşin nə yerdə olduğunu Ketrinə danışdı. Onlar bir saatdan sonra buz meydançasında görüşməyə razılaşdılar.

Esseks hələ otağa gəlməmişdi. Mak-Qreqor yeni alınmış teleqramlara baxdı. Bir teleqramda deyilirdi ki, dövlət katibinin köməkçilərindən biri Harvard Universitetində mühazirə oxuyub, İran Azərbaycanı hadisələrini araqarışdıranların işi kimi qiymətləndirib.

Esseks gəldi. İngilis qəzetlərində onun Moskva səfəri barədə yazılanları oxudu. Dedi:

– Hamısı cəfəngiyatdır. Nələr uydurmurlar…

Esseks kabinetə gedəndə pilləkəndə Ketrin Klayvla rastlaşdı. Esseks onun atasını tanıyırdı. Onu Dreykin yanında səhər yeməyinə dəvət etdi.

– Lakin məni buz meydançasında gözləyəcəklər.

– Konkilər heç yana qaçmaz.

Esseks və Mak-Qreqor Molotovla dünənki görüşün hesabatını hazırlamağı səhər yeməyindən sonraya saxladılar. Esseks ruslara veriləcək nota üzərində də çalışacağını bildirdi. O, notanı Londondan siqnal alan kimi verəcəkdi.




Yeddinci fəsil


O gün Esseksə Londondan siqnal gəlmədi. O biri gün səhər artıq səbrini itirmişdi. Səhər yeməyi zamanı çay içir, həm də "Tayms" qəzetini oxuyurdu. Bu vaxt Ketrin Klayv bir teleqram gətirdi. Lakin teleqram ruslara nota verilməsinə icazə deyil, nə isə başqa bir şeydi.

Bu, Mak-Qreqor haqqında göndərilmiş uzun bir teleqramdı. Amerika qəzetlərində Moskvada Mak-Qreqora istinadən şərhlərdən söz gedirdi. Bu şərhlər ruslarla münasibəti korlaya bilərdi. Belə hesab edilirdi ki, Mak-Qreqorun müxbirlərlə söhbətinə izin vermək olmazdı.

Ketrin Mak-Qreqorun otağına gəldi. Masanın üstündə sancaq keçirilmiş kağızlara baxanda bildi ki, Mak-Qreqor səhər teleqramlarını oxumuşdur. Teleqramlarda Azərbaycandakı üsyanın nəticələrindən söz gedirdi.

– Bir qədər əvvəl Esseksə də teleqram gəlib. Məncə, siz onda nə yazıldığını bilməlisiniz. Bunda qismən mənim də günahım var, – Ketrin dedi.

Mak-Qreqor susurdu.

– Görünür, müxbirlər Hember və Stayl sizin sözlərinizi rəsmi bəyanat kimi qələmə veriblər…

– Bu qəzetçilər axı nə əsasla mənə istinad edirlər?

– Siz Esseksi müşayiət edirsiniz, deyilmi?

– Lakin söhbət şəxsi xarakterdə idi. Bunu bilirdilər.

– Əlbəttə, bilirdilər. Amma onlar üçün müqəddəs və əziz heç nə yoxdur. Gərək sizi xəbərdar edəydim, günah məndədir. Esseksin nə tədbir görəcəyini bilmirəm…

– Qəzetçilərin bu hərəkəti məni heyrətləndirib.

– Onları hələ yaxşı tanımırsınız. Onların peşəsi belədir, – Ketrin bir filosof ahəngi ilə dedi.

Ketrin Mak-Qreqorun nə vaxt ona baxacağını gözləyirdi. Onun nəzərləri isə harasa düz irəli zillənmişdi.

– Doğrudanmı, Londona dönməyə hazırlaşırsınız?

– Mümkün olsa. Bu mənim işim deyildir. Mən nə etdiyimi dərk etməliyəm. Diplomatlar İran məsələsinə yanlış qənaət əsasında yanaşırlar.

– Arabir axınla üzməyə də çalışın. Bu, gözəl duyğudur. Xoşunuza gələcək. Daha bir neçə həftə gözləməyin sizdən ötrü nə fərqi var? Burada qalıb hadisələri izləyin…

Ketrin xizək sürməyə getdi, Mak-Qreqor isə Esseksin yanına qalxdı.

Esseks əlini sinəsində çarpazlayaraq kresloya əyləşdi.

– Mak-Qreqor, siz dinc adamsınız, lakin özünüzü cəncələ salırsınız. Amerikalılara demisiniz ki, mənim ümdə vəzifəm rusları Azərbaycandan çıxmağa məcbur etməkdir. Doğrudanmı, bunu onlara danışıbsınız?

Esseks qəzetin o yerini oxudu.

– Gör nə həyasız uydurmadır, – Mak-Qreqor dedi.

– Uydurmaq onların peşəsidir. Amma missiyamız təhlükə altına düşür…

– Mən onlara təhlükə yaradan heç bir söz demədim. Bütün bunları təkzib etmək asandır.

– Təkzib işi yalnız korlaya bilər. Mak-Qreqor, mətbuatdan oddan qorxan kimi qorxmaq lazımdır. – Sonra Esseks əlavə etdi: – Tutqun görkəminiz var, əzizim. Bu məsələ artıq bitdi.

– Bunu ürəyimə salmıram. Lakin etiraf edin ki, mən bu işə yaramıram.

– Nədir, qaçmaqmı istəyirsiniz, Mak-Qreqor? Artıq gecdir. İrana dair mənimlə nə qədər istəsəniz mübahisə edin. Təki missiyamıza mane olmasın. Axı siz, əminəm ki, ruslara haqq qazandırmırsınız?

– Heç də yox…

– Onda təşvişə əsas yoxdur. Yaxşısı budur, qəzetçiləri toplayaq. Ketrin buranın bütün müxbirlərini tanıyır.

– Bu Hember və Staylı da dəvət edək?

– Əlbəttə.

…Esseks qəsdən gecikərək aşağı enəndə hamı yığışmışdı. Dreyk, Melbi və Mak-Qreqor da orada idilər. Esseks içəri girəndə hamı dönüb ona baxdı. Müxbirlərlə tanışlıqdan sonra Esseks söhbəti, nəhayət, İran üzərinə gətirdi:

– Biz istəyirik İran barədə 1942-ci il müqaviləsinə hörmət edilsin.

– Rusların İrana göz dikdiyinə sübutlarınız varmı? – Hember israrla soruşdu.

– Bunu söyləmək çətindir. Mən ruslar barədə danışmağa vəkil edilməmişəm, – Esseks gülümsədi. O, söhbəti müqavilənin şərtləri üzərinə gətirmək istədi. Lakin onun sözünü kəsdilər. Kimsə nazik səslə soruşdu:

– Güman ki, neftin buna heç bir dəxli yoxdur?

Esseks həmin jurnalistə sərt şəkildə baxdı.

– Bəs onda orada nəyə nail olmaq istəyirsiniz, lord Esseks? – ingilis müxbir Holms soruşdu.

– Bax bu, birbaşa sualdır! Mən İranın şimal əyalətlərində qanuni hakimiyyəti bərpa etmək ümidindəyəm. Azərbaycan hadisələri barədə bizdə ifşaedici məlumatlar var. Güman edirəm ki, ruslar bizimlə danışıqlara həvəssizdir, lakin ortada faktlar var.

– Bunlar nə faktlardır ki? – balacaboy, ağbəniz missis Bell qəmzəli nəzərlə baxdı.

– Bax bu, sırf qadın sualıdır! Əziz missis Bell, bu faktlar indiki halda yalnız Molotovun qulaqları üçündür.

– Britaniya hökuməti İran Azərbaycanındakı islahatları öyrənibmi? Bu barədə nə deyə bilərsiniz? – sual verildi.

– Bunu Mak-Qreqordan soruşun. Buraya İranı yaxşı tanıdığına görə göndərilib. Yerli dilləri bilir.

Suala Mak-Qreqor cavab verməli oldu:

– Bu islahatlar ölkə həyatının bütün sahələrini əhatə edir. İranda hər şeyin yenidən təşkilinə ehtiyac var.

– Bəs onda Azərbaycandakı islahatlara niyə etiraz var?

Mak-Qreqor Esseksə baxdı. Esseks dedi:

– Britaniya hökuməti hesab edir ki, demokratiya üçün xalqların heç də hamısı yetişməyib. Bu işdə tələsmək olmaz. Azərbaycan Demokrat Partiyası öz qonşusunun bolşevik partiyası timsalında yaradılıb.

– Demokrat Partiyasının və muxtar hökumətin buraxılmasını tələb edəcəksiniz? – deyə Hember soruşdu.

– Biz istəyirik ki, Azərbaycanda İran hökumətinin suveren hüquqları bərpa edilsin, – Esseks cavab verdi.

Müxbirlər dağılışmağa başlayanda Esseks yorulmuşdu. Sonuncuları qapıya ötürüb yüngül nəfəs aldı.

…Ketrin otağa daxil olanda Mak-Qreqor pəncərədən onların darvazadan çıxdıqlarına baxırdı.

– Hə, müxbirləri ifşa etdiniz? – Ketrin gülərək soruşdu.

– Dedilər ki, mən özüm günahkaram.




Səkkizinci fəsil


– Əgər bu gün nota vermək icazəsi almasaq, deməli, Londona dönməliyik. Bu gün cümədir, sabah Londondan bir şey qoparmaq, ümumiyyətlə, çətindir. Bazar ertəsi isə artıq gecdir, – Esseks Mak-Qreqora gileyləndi.

Mak-Qreqor da Esseks kimi səbirsiz olmuşdu. Esseks dedi:

– Bunun hamısı səfirliyin ucbatından baş verir. Onlar öz qayğıları ilə yaşayırlar. Gəl gedək Moskvaya baxaq.

Onlar metroya enib, qatarla bütün Arbat radiusunu gəzib geri döndülər. Dreyk onları xəbərlə qarşıladı: London cavab vermişdir. Esseksə hərəkət sərbəstliyi verilir, yalnız bircə şərt qoyulur: notanı Dreyk təqdim etməlidir.

– Mənə bircə şey aydındır, – Esseks söylədi. – Nota onları hərəkətə gəlməyə məcbur edəcək. Molotovun buna necə münasibət göstərəcəyinə baxmaq maraqlı olacaq.

…Onlar Molotovun deyil, Vışinskinin qəbuluna düşdülər. O, Esseksə öz ovunu səbirlə gözləyən aslan kimi göründü. Dreyk notanı verəndə Vışinski:

– Aha, nota! Nə barədədir? – sənədə baxıb soruşdu.

Onlar sadə dəri divanda və kreslolarda əyləşdilər. Dreyk səlis və aydın şəkildə dedi:

– Nota İrandakı siyasi vəziyyət haqqındadır. İran Azərbaycanında şuluqluğa görə təəssüf edir və sovet hökumətinə xatırladırıq ki, İranın işlərinə qarışması 1942-ci il müqaviləsinin pozulmasıdır. Azərbaycanda yaranmış şəraiti öyrənmək üçün xüsusi komissiya yaradılmalıdır.

Vışinskinin üzündəki ifadə dəyişmədi:

– Görünür, Britaniya hökuməti İran Azərbaycanında demokratik canlanmadan çox narahat olub.

– Biz, sadəcə, gerçək vəziyyəti göstəririk. Azərbaycanda vəziyyət gündən-günə pisləşir. Hesab edirik ki, sovet hökuməti bu məsələdə bizim marağımıza məhəl qoymur.

– Əgər ingilis təmsilçi nəyisə müzakirə etmək istəyirsə, söhbətə hazıram.

– Mak-Qreqor, mister Vışinskiyə deyin ki, biz İran Azərbaycanı məsələsini bütövlükdə müzakirə etmək istəyirik. Bunun üçün müvafiq konfrans tələb olunur. Və soruşun ki, bu konfransı nə vaxt çağırmağı mümkün sayır.

Bu an Mak-Qreqor anladı ki, bu missiya üçün əməlli-başlı məsuliyyət daşıyır. O, çox mühüm bir bəyanatı tərcümə edir!

– Konfrans çağırmaq üçün bir əsas görmürük. Lord Esseks belə bir təkliflə əbəs yerə bura gəlib. Cənab Molotovun artıq dediyi kimi, belə bir konfransın yeri İran olmalıdır. Biz İranda sülh və əmin-amanlıq olmasında hamıdan çox maraqlıyıq, – Vışinskinin cavabı belə idi.

– Onda əməli müzakirəyə keçək, – Esseks təklif etdi.

– Lord Esseks əməli müzakirə nəyə deyir?

– İranda qanuni hakimiyyətin bərpasına aparan hər şeyə.

– Amma bunu müdaxilə adlandırmaq olar. Sovet hökuməti xalqın durumunu yaxşılaşdıran hər dəyişikliyi bəyənir.

– Azərbaycanda baş verən dəyişikliyə bizim böyük şübhəmiz var, – Esseks aşkar səbirsiz ahənglə dedi.

– Bizdə isə belə bir şübhə üçün heç bir əsas yoxdur.

– Şübhə necə olmaya bilər ki, bir dövlətin əyaləti ondan parçalanıb ayrılır və bir ovuc fırıldaqçı tərəfindən müstəqil dövlət elan edilir?

– Bu məlumat doğru deyil. Azərbaycan İranın bir hissəsi olaraq qalır. Heç bir parçalanma baş verməyib. İndiki demokratik hökumətin ayrılmaq niyyəti yoxdur. Sadəcə, özünüidarə hüququnu həyata keçirir. Onların məqsədi xalqın həyatını yaxşılaşdırmaq, xalqı maarifləndirməkdir. Biz bunda maraqlıyıq.

– Siz Sovet İttifaqının İranda marağından danışırsınız.

– Bu, tam haqlı maraqdır.

– Xatırlatmaq istərdim ki, Böyük Britaniyanın da İranda öz marağı var.

– Bu doğrudur! – Vışinski istehza ilə söylədi. – Fəqət burada bir fərq var. Bizim İranda marağımız – qonşu marağıdır. Böyük Britaniyanın marağı isə neftdir.

– Bəlkə də elədir. Lakin yol verə bilmərik ki, bu marağımız təhlükə altına düşsün. Biz öz hüquqlarımızı nəyin bahasına olursa-olsun, qorumaq niyyətindəyik, mister Vışinski! – Esseksin sözlərində hədə-qorxu aydın hiss olundu. – Ona görə də Azərbaycandakı vəziyyəti yoluna qoymaq üçün konfrans çağırmağı təklif edirəm.

– Bəlkə, biz əvvəlcə bu notanı gözdən keçirək?

Esseks artıq söhbətin bitdiyini anladı. Ayrılanda onların mehriban dost olduqlarını zənn etmək olardı. Vışinski qapıya yaxınlaşanda Mak-Qreqora dedi:

– İrandakı vəziyyət barədə siz nə düşünürsünüz, Mak-Qreqor? Axı siz orada xeyli yaşamısınız.

– Mən oraya gedib nələr baş verdiyini görmək istərdim. Axı, cənab Vışinski, beş-altı ildir orada olmamışam.

Esseks əmin idi ki, növbəti addım həlledici olacaq.




Doqquzuncu fəsil


Mak-Qreqor həmişə sakit və dalğın görünürdü. Ketrin Parisə təyinat almışdı və hazırlıq içində idi.

Esseks deyirdi:

– Ruslardan müəyyən bir şey əldə etməyincə buradan getmərəm. Hə, o iki türk əyaləti məsələsiylə tanış ola bildinizmi? Qars və o biri… Heç yadımda saxlaya bilmirəm.

– Ərdəhan.

– Hə, elə o. Rusların bu əyalətlərə dair türklərə nota verəcəyi gözlənilir. Görünür, bizim notanın əvəzini çıxırlar. Türkiyədə olmusunuzmu, Mak-Qreqor?

– Yox.

– Mən orada olmuşam. Türkləri müharibəyə girməkdən çəkindirməyə çalışırdım. Fransa süqut etmişdi, türklər almanlara qoşulmağa hazır idilər.

– İndi türklərə ruslara qarşı çıxmaqda kömək edirik?

– Əlbəttə, biz rusları Dardanelə buraxa bilmərik.

Esseks amerikalılarla görüşə getdi. Mak-Qreqor Ketrin Klayvın kabinetinə daxil oldu.

– Mən bura rusların erməni əyalətləri hesab etdikləri türk əyalətlərinə aid materiallar üçün gəlmişəm.

Ketrinin köməkçisi qəhvəyi cildli, toz basmış bir kitab gətirdi. Bu, Kerzonun "Ermənistan" adlı kitabı idi.

– Məgər ruslar Azərbaycandakı oyuncaq hökuməti İranın daxili işlərinə qarışmaq üçün təşkil etməyiblər?

– Mən bu hökuməti oyuncaq hesab etmirəm.

– Bəs nə əsasla? – Ketrin soruşdu.

– Heç bir əsas olmadan! – deyə Mak-Qreqor sərt cavab verdi.




Onuncu fəsil


Bir gün sonra Vışinskinin Esseksi qəbul edəcəyi xəbəri gələndə Esseks Mak-Qreqora dedi:

– Hə, deyəsən, güzəştlərə nail olacağıq, Mak-Qreqor.

– Londondan gələn məlumatda deyilir ki, Azərbaycan hökumətinin tərkibini genişləndirmək üçün biz yeddi, yaxud səkkiz namizəd irəli sürürük. Bax budur, onların beşi haqda arayış düzəltmişəm. Vışinski ilə görüşdən əvvəl sizə maraqlı ola bilər, – Mak-Qreqor laqeydliklə dedi.

– Olduqca maraqlıdır. Onlar necə adamlardır?

– Yararlı adamlar deyillər. Yalnız adları mənə məlum olanları götürdüm. Dördü müharibə zamanı almanlara tərəf idi. İkisi isə uzun müddət müşahidəmiz altında olub.

– Müşahidə altında olanlar məhz kimlər idi?

– Ağa Təbrizi və Cəfəri Sadiq.

– Bəli, bəli, bu adları yaxşı xatırlayıram.

– London məhz bu iki adamı hökumətin tərkibində görmək istəyir. Onlar fanatik müsəlmandırlar. Onların gözündə Azərbaycan demokratları kafirlərdir, onları asmaq lazımdır. Onlar dini hakimiyyət istəyir.

– Fanatizm bizə fayda gətirər. Bunlar bəlkə də pis adam deyillər.

– Onlardan pisləri də var, məsələn, Kazım. Bir vaxtlar Azərbaycanda vali olub, kütləvi edamlara əl atıb. Son dəfə üç min adam asılmışdı. Bu Kazımın bir "gözəl" xasiyyəti var: adamları öz evində asdırır.

– Onu poz getsin. Mənə bunlardan altı yaxşı namizəd seçin. Biz burada Azərbaycanda İran hakimiyyətini bərpa etmək üçün oturmuşuq.

– Bu tip adamların köməyi ilə?

– Onlar başqalarından pis deyillər.

…Vışinski onları təbəssümlə qarşıladı. Vışinski Mak-Qreqorla rusca danışırdı. Esseks bu söhbətdən heç nə anlamırdı.

Onlar kreslolara əyləşən kimi Suşkovla tərcüməçi daxil oldular. Onlar bir-birinin əllərini sıxıb yenidən əyləşdilər. Vışinski başı ilə Suşkova işarə etdi:

– Nə qədər ki Moskvadayam, sizi Suşkovla tanış etmək istəyirəm. Suşkov özü azərbaycanlıdır – Sovet Azərbaycanından. Lakin danışıqlara başlamazdan əvvəl dürüst müəyyən etməliyik ki, Azərbaycan piyada fiqur deyil. Heç bir ölkə onun işlərinə qarışmamalıdır.

– Bu haqda biz hamıdan az düşünürük, – Esseks etiraz etdi. – İrana münasibətdə üzərimizdə öhdəliklər var. Danışıqların əsasında bu dayanır.

– Azərbaycana tərəzi gözündəki daş kimi baxa bilmərik. Biz ingilis notasını əsassız, düşünülməmiş bir nota kimi rədd etdik, – Vışinski ciddi şəkildə dedi.








– Etiraz edirəm, – Esseks çığırdı. – Nota İrandakı hadisələrlə bağlı dərin həyəcanımızı ifadə edir. Biz bu problemi sizinlə dostcasına həll etmək istəyirik.

– İngilis notası bir dost ölkənin o birinə müraciətinə bənzəmir. Hədə-qorxu ilə doludur. Sizin şübhələrinizi dağıtmaq istəyirik. Sizə bildiklərinizi Suşkova söyləmək imkanı veririk. O sizinlə bütün mövzuları müzakirə edəcək.

– Biz sovet hökumətinin bu səmimi münasibətini qiymətləndiririk, – Esseks donuq səslə dilləndi.

Getməzdən bir az əvvəl Vışinski ahəngi dəyişdi. Essekslə şən söhbətə başladı. Ona şəhərlə, onun teatrları, baleti və musiqisi ilə tanış olmağı məsləhət gördü. Eyni zamanda Mak-Qreqor Suşkovla söhbət edirdi. Esseksin qulağına çatırdı ki, söhbət İrandan, bir də rus petroqrafı professor Onegindən gedir. Suşkov deyirdi:

– Professor Onegin çoxlu idarə üçün işləyir. Bu saat harada olduğunu söyləmək çətindir. Zənnimcə, Uraldadır. Moskvaya gəlsə, xəbər verərəm. Məktub yazmaq istəsəniz, çatdırmağa həvəslə kömək edərəm.

Esseksə elə gəldi ki, onlar öz diplomatik rollarını bir anlığa unutmuşlar. Bu onun xoşuna gəlmədi və söhbətə son qoymaq üçün Vışinski ilə vidalaşmağa başladı.




On birinci fəsil


Esseks məyusluq içində idi. Bura Suşkovla söhbət üçün gəlməmişdi. Belə aşağı rütbəli adamla danışıq aparmaq Esseksin diplomatik ləyaqətini alçaldırdı. Con Askvit də zarafata salıb eyni sözü deyirdi.

– Nota ilə rusların öhdəsindən gəlmək olmaz. Bu üsul təsir göstərə bilmir. Sizinlə yalnız nəzakət xatirinə danışırlar. Sizə hər şeyi atıb evə dönməyi təklif edirəm.

Esseks Dreykdən də təskinedici bir söz eşitmədi. O qızışaraq etiraz edirdi ki, istəyinə nail olacaq. Bir şey alınmasa, Suşkovla danışıqlara Mak-Qreqoru göndərər. Lakin Dreyk dedi ki, bu, yanlış olar və öz aralarında qeyd etdi ki, Mak-Qreqorun işə yalnız zərəri dəyər. Hələ onu demir ki, Mak-Qreqor səfirliyin əməkdaşı Ketrin Klayva vurulub. Sonuncu məsələni Esseks sakitcə: "Biz hamımız ona vurulmuşuq", – deməklə zarafata çevirdi.

Bu missiya ilə bağlı hər şey Esseksi cana gətirmişdi. Moskvada bircə Ketrindən başqa, heç nə onu özünə cəlb etmirdi. Ketrini gözləməkdə ikən oturub Londona məktub yazdı ki, bundan sonra Rusiyada qalmağı boş yerə vaxt itirmək hesab edir və gələn həftənin əvvəlində Londona dönmək fikrindədir.

Mak-Qreqor isə Ketrinlə söhbətində əksinə, missiyalarının, nəhayət, real zəmin almasından danışırdı. Bunu Suşkovun İranı yaxşı tanıması ilə əsaslandırırdı.

…Səfirliyin "Rolls-roys"u Moskvanın buz bağlamış küçələri ilə yüngülcə şütüyürdü. Esseks arxa oturacaqda oturmuşdu. Mak-Qreqor susur, bu uğursuz danışığın Esseksin ovqatını korladığını anlayırdı.

Suşkov Esseksə elə bir dərs vermişdi ki, bu dərsi ona Mak-Qreqorun özü də həvəslə verə bilərdi. Suşkov Esseksə demişdi:

– Sizə görə, guya, Demokrat Partiyası öz varlığına görə sovet təsirinə minnətdardır. Bu fikrin cəfəng olduğunu göstərmək üçün sadə yol – sizə İran barədə danışmaqdır. İranlılar – məzlum, əzab çəkən, dilənçi kökündə yaşayan xalqdır. İranda ölüm faizi dünyada ən yüksək göstəricilərdən biridir. Uşaq ölümü o qədər yüksəkdir ki, mahiyyətcə bu xalq qırılıb bitmək təhlükəsi ilə üzləşib. Kəndli tam hüquqsuzdur, fəhlə qəpik-quruş alır. Sizin neft şirkəti İrandan ildə iki yüz milyon funt-sterlinq gəlir əldə edib, bu isə İranın milli gəlirindən yüz dəfə çoxdur. İndiyədək polis terroru üzündən İran xalqı öz siyasi partiyasını yarada bilmirdi. Sovet İttifaqının İranda gördüyü yeganə iş odur ki, polis daha xalqı boğa bilmir. Azərbaycan Demokrat Partiyasını bizim yaratdığımızı demək – onları təhqir etməkdir. Bu partiyanı xalq yaradıb. Biz İranın daxili işlərinə qarışmırıq. Amma Britaniya hökuməti pis niyyətlə İranın daxili işlərinə qarışır.

Dreyk səfirlikdə bu uzun nitqi dinləyib soruşdu:

– Bəs siz danışığı nə ilə bitirdiniz?

– Mən sənədlər qovluğunu onun qarşısına qoydum. Dedim, buyurun, bu da sizə faktlar.

– Bunun təsiri olacağına şübhə edirəm, – Dreyk dedi.

– Narahat olmayın, təsiri oldu. Sənədləri götürəndə onun yekə kəndli əlləri titrədi. Sovet hökuməti bizim təklifləri həvəslə Təbrizə verəcək. Suşkovun bu sənədləri ətraflı öyrənməsi vacibdir.

Esseksi narahat edən o idi ki, rusların siyasəti onun üçün tam anlaşılmazdır. Ona rus siyasətinə açar verə biləcək bir adam lazım idi. Bu isə Mak-Qreqorun işi idi.

Dreyk getdikdən sonra Esseks ondan soruşdu:

– Niyə mənə ruslar barədə az danışırsınız?





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289427) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



Bu romanda hadisələr 1945-1946-cı illərdə Sovet İttifaqında, İranda (o cümlədən Cənubi Azərbaycanda), İngiltərədə cərəyan edir. Romanın baş qəhrəmanı olan Mak-Qreqor obrazının prototipi Ceyms Oldric özüdür.

Как скачать книгу - "Diplomat" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Diplomat" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Diplomat", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Diplomat»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Diplomat" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Видео по теме - The Diplomat | Official Trailer | Netflix

Книги серии

Книги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *