Книга - Balaca və Karlson

a
A

Balaca və Karlson
Astrid Lindqren


Dünya ədəbiyyatından seçmələr
Bu əsərdə təsvir olunan qeyri-adi hadisələr 1950-ci illərdə Stokholmun mərkəzi rayonlarının birində, Vazastanda bir evdə, Balaca adlandırılan uşaqla damda yaşayan Karlson ətrafında cərəyan edir.





Astrid Lindqren

Balaca və Karlson





Damda yaşayan Karlson


Stokholm şəhərinin ən adi küçəsinin ən adi evində Svanteson familiyalı çox adi bir İsveç ailəsi yaşayır. Bu ailə ən adi atadan, ən adi anadan və onların ən adi üç uşağından – Bosse, Betan və Balacadan ibarətdir.

Bu evdə yalnız bircə qeyri-adi məxluq var. O da Karlsondur. Karlsonun qeyri-adiliyi damda yaşamasındadır. Maraqlıdır ki, indiyədək Stokholmda kiminsə damda yaşadığını görən olmayıb.

Karlson balacaboy, bir qədər özündənrazı, tosqun adamdır. Üstəlik, hələ uça da bilir. Əlbəttə, təyyarə və vertolyotda hamı uça bilər. Karlson isə özü uçur. Qarnındakı düyməni basan kimi kürəyindəki məzəli mühərrik işə düşür. Mühərrik işə düşənə kimi Karlson hərəkətsiz durur. Elə ki mühərrik var gücü ilə işləməyə başlayır, Karlson da havaya qalxıb uçur.

Damdakı kiçicik evində Karlson çox rahat yaşayır. Başqaları Karlsonun damdakı evindən xəbərsizdirlər. Axı bu ev iri bir bacanın dalındadır, ötəri baxanda görünmür.

Bir dəfə bir bacatəmizləyən təsadüfən Karlsonun evini gördü. O, təəccüblə öz-özünə dedi:

– Qəribədir… Bu, evdir belə? Ola bilməz! Damda da ev olar?.. Bu ev damda nə gəzir?

Sonra bacatəmizləyən bacaya girdi. Evi də tezliklə unutdu və bir daha bu evi xatırlamadı.

Karlsonu ancaq Balaca tanıyırdı. Balaca bu tanışlığa çox sevinirdi. Çünki Karlson uçub gələndə məzəli hadisələr baş verirdi. Karlson özü də Balaca ilə tanışlıqdan razı idi.

Onların tanışlığı uğursuz bir gündə baş vermişdi. Həmin gün Balaca evin sonbeşiyi olmasına sevinməmişdi. Hərçənd sonbeşik olmaq bilirsiniz necə gözəldir? Axı evin sonbeşiyini ailənin bütün üzvləri sevir, hərə onu bir cür əzizləyir. Həmin gün isə hər şey əksinə oldu. Şalvarını ilişdirib cırdığı üçün anası onu danladı. Betan isə üstünə çığırdı ki, «burnunu sil!». Məktəbdən gec qayıtdığına görə atasının ona acığı tutdu.

Balaca bütün bunlara görə çox kədərli idi. Ona birdən-birə elə gəldi ki, doğrudan da, yer üzündə heç kəsi və heç nəyi yoxdur.

Balaca öz otağına çəkildi.

Aydın bir yaz axşamı idi. Pəncərələr açıq idi. Ağ pərdələrə meh dəydikcə yellənir, elə bil səmaya səpələnmiş solğun ulduzları salamlayırdı. Balaca pəncərəyə dirsəklənib köksünü ötürdü. Elə bu vaxt o, bir vızıltı eşitdi. Səs get-gedə güclənirdi. Birdən qəribə bir mənzərə gördü: pəncərənin qarşısında kök bir kişi uçurdu. Bu, damda yaşayan Karlson idi. Onda Balaca hələ Karlsonu tanımırdı.

Karlson Balacanı diqqətlə süzərək uçub getdi. O, damın üstündə balaca bir dairə vurdu. Bacanın başına dolanıb geriyə – pəncərəyə tərəf qayıtdı. Sonra sürətini artırdı, Balacanın qarşısından əsl təyyarə kimi ötüb-keçdi. Sonra ikinci dövrəni vurdu. Sonra üçüncü dövrəni.

Balaca dinməz-söyləməz durub baxır, işin axırını gözləyirdi. Onun həyəcandan nəfəsi tutulmuşdu. Tükləri biz-biz olmuşdu. Axı balaca və gonbul kişinin pəncərə qarşısından uçması qeyri-adi hadisə idi.

Bu vaxt kişi sürətini azaltdı, pəncərəyə yaxın gəlib dedi:

– Xoş gördük! Olarmı, bircə dəqiqəlik bura qonum?








Balaca o saat dedi:

– Əlbəttə, buyurun. – Sonra əlavə etdi: – Nədir, yoxsa uçmaq çətindir?

Karlson qürurla söylədi:

– Mənim üçün qətiyyən çətin deyil. Axı mən dünyanın ən mahir uçanıyam. Ancaq sənin kimi «ot tayası»na bənzəyən yöndəmsizə məni yamsılamağı məsləhət görmürəm.

Balaca «ot tayası» sözündən incimədi. Ancaq belə qərara gəldi ki, həqiqətən heç vaxt uçmasın.

Karlson soruşdu:

– Adın nədir?

– Balaca. Əsl adım isə Svante Svantesondur.

– Mənim adım da Karlsondur. Sadəcə, Karlson, vəssalam. Xoş gördük, Balaca!

– Xoş gördük, Karlson!

Karlson soruşdu:

– Neçə yaşın var?

Balaca cavab verdi:

– Yeddi.

Karlson dedi:

– Çox gözəl. Söhbətimizə davam edək.

O, qısa, yoğun ayaqlarını pəncərədən cəld içəri aşırıb evə girdi.

Karlsonun özünü böyüklər kimi yox, uşaqtək apardığını görən Balaca xəbər aldı:

– Bəs sənin neçə yaşın var?

Karlson dedi:

– Mənim neçə yaşım var? Mən hələ indi-indi həddi-büluğa çatmışam. Bundan savayı sənə heç nə deyə bilmərəm.

Balaca həddi-büluğa çatmağın nə demək olduğunu başa düşmürdü. Bəlkə, elə Balacanın özü də kişidir və xəbəri yoxdur ki, əsl kişi həddinə çatıb! Buna görə də ehtiyatla soruşdu:

– Kişi əsl həddə neçə yaşında çatır?

– Hər yaşda! – deyə Karlson özündənrazı halda gülümsündü. – Hər yaşda, ancaq bu yalnız mənə aiddir. Mən qəşəng, ağıllı və həddi-büluğa çatmış sağlam kişiyəm.

O, Balacanın kitab rəfinə yanaşdı, ordan oyuncaq buxar maşınını götürdü.

Karlson təklif etdi:

– Gəl maşını işə salaq.

Balaca dedi:

– Olmaz. Maşını ya atamla, ya da Bosse ilə birlikdə işə salmaq lazımdır.

Karlson dedi:

– Ya atanla, ya Bosse ilə, ya da damda yaşayan Karlsonla. Dünyada buxar maşınları üzrə ən məşhur mütəxəssis kimdir, səncə? Damda yaşayan Karlson! Atana elə belə də deyərsən!

Karlson maşının yanındaca qoyulmuş denaturatı[1 - Denaturat – texnikada işlәdilmәk üçün hazırlanan zәhәrli spirt] götürdü. Onu maşının balaca spirt qabına tökərək fitili yandırdı.

Karlson dünyada buxar maşınları üzrə ən məşhur mütəxəssis olsa da, denaturatı çox yöndəmsiz tökmüşdü: kitab rəfində denaturat gölməçəsi əmələ gəlmişdi. Spirt o saat od tutdu, par-par parıldayan rəfdə alovun göyümtül dilləri atılıb-düşməyə başladı. Balaca dəhşətlə çığırıb kənara sıçradı.

Karlson totuq əlini yelləyərək dedi:

– Sakit, bircə sən sakit ol!

Lakin alovu görən Balaca sakit ola bilmirdi. O, cəld əsgini qapıb alovu söndürməyə başladı. Pardaqlanmış rəfdə bir neçə iri, eybəcər ləkə əmələ gəldi.

Balaca qorxa-qorxa dedi:

– Gör rəf necə xarab oldu? İndi anam nə deyəcək?

– Boş şeydir, adi həyat hadisəsidir! Anana da elə beləcə deyərsən.

Karlson buxar maşınının yanında diz çökdü. Onun gözləri parıldayırdı.

– İndicə işə düşəcək.

Doğrudan da, heç bir saniyə keçməmiş buxar maşını işə düşdü. Karlson elə məğrur və xoşbəxt görünürdü ki, sanki bu maşını özü icad etmişdi.

Karlson qəfildən:

– Mən gərək qoruyucu klapanı yoxlayım, – deyib xırdaca dəstəyi fırlatmağa başladı. – Qoruyucu klapanları yoxlamayanda qəza baş verir.

Maşın get-gedə daha sürətlə gurlamağa başladı. Sonra elə bil lap təngnəfəs oldu. Karlsonun gözləri hələ də parıldayırdı.

Balaca indi rəfdəki ləkələri tamam unutmuşdu. O özünü çox xoşbəxt hiss edirdi. Sevinirdi ki, belə gözəl buxar maşını var. Üstəlik, dünyanın buxar maşınları üzrə ən məşhur mütəxəssisi Karlsonla tanış olmuşdur.

Karlson dedi:

– Hə, Balaca, bax buna varam. Dünyada buxar maşınlarının ən məşhur mütəxəssisi…

Ancaq Karlson sözünü bitirə bilmədi, çünki bu vaxt bərk partlayış baş verdi. Buxar maşını parçalanıb dağıldı.

Karlson sevincək qışqırdı:

– Maşın partladı! Maşın partladı! Gör necə gurladı?! Əla!

Ancaq Balaca, Karlsonun sevincinə şərik ola bilməzdi. O, çaşqın halda dayanıb durmuş, gözləri isə yaşarmışdı.

O, hıçqıra-hıçqıra deyirdi:

– Mənim buxar maşınım parça-parça oldu!

– Boş şeydir, adi həyat hadisəsidir! – Karlson etinasızlıqla totuq əlini yellədi. Sonra da Balacanı arxayın edərək dedi: – Mən ən yaxşı maşınımı sənə verərəm.

Balaca təəccüblə soruşdu:

– Doğrudan?

– Əlbəttə. Orda, yuxarıda bir neçə min buxar maşınım var.

– Necə yəni yuxarıda?

– Yuxarıda da, damdakı evimdə.

Balaca təəccüblə soruşdu:

– Sənin damda evin var? Üstəlik, bir neçə min də maşının var?

– Əlbəttə, ən azı, iki min maşınım var.

Balaca sevincək dedi:

– Sənin evinə elə getmək istərdim ki!

Heç inanmaq olmurdu ki, damda balaca ev var və Karlson orada yaşayır…

Balaca dedi:

– Sən maşınlarından birini elə indi mənə verə bilərsən?

– Yox, əvvəlcə mən gərək bir qədər ora-burasına baxam, qoruyucu klapanları yoxlayam… Sakit, bircə sən sakit ol, maşını bu günlərdə alacaqsan.

Balaca buxar maşınının hissələrini yerdən yığmağa başladı.

O, təlaşla dedi:

– Atamın necə acıqlanacağını təsəvvür edirəm.

Karlson təəccüblə qaşlarını çatdı:

– Elə buxar maşınına görə? Bu ki boş şeydir, adi həyat hadisəsidir. Belə şeyə görə həyəcan keçirməyə dəyərmi? Sən atana elə belə də de! Mən bu sözləri ona özüm də deyərdim, ancaq tələsirəm, daha ləngiyə bilmərəm… Bu gün sənin atanla görüşə bilməyəcəyəm. Mən gərək evimə uçam, görəm orda nə var, nə yox.

Balaca dedi:

– Sən yenə uçub buraya gələcəksənmi?

– Sakit, bircə sən sakit ol! – deyərək Karlson qarnındakı düyməni basdı.

Mühərrik işə düşdü. Bir az sonra Karlsonun ayaqları yerdən üzüldü və o, havada bir neçə dövrə vurdu.

– Mühərrik nədənsə şıltaqlıq edir. Gərək emalatxanaya gedib yağladam. Doğrudur, bunu mən özüm də edə bilərəm, ancaq tərs kimi, vaxtım yoxdur…

Sonra Karlson pəncərədən çölə uçdu.

– Balaca, hələlik! – Karlson totuq əlini yellədərək gözdən itdi.




Karlson kubikdən qüllə tikir


Balaca təkrar-təkrar deyirdi:

– Axı mən sizə dedim ki, onun adı Karlsondur, özü də orada, yuxarıda, damda yaşayır. Burda qəribə nə var ki? Məgər insanlar kefləri istəyən yerdə yaşaya bilməzlər?

Ana dedi:

– Balaca, tərslik eləmə. Bilirsən bizi necə qorxuzmusan! Əməlli-başlı partlayış olub. Axı sən ölə bilərdin! Niyə bunu başa düşmürsən?

– Başa düşürəm, bununla belə, Karlson buxar maşınları üzrə dünyanın ən məşhur mütəxəssisidir.

Balaca bu sözləri deyib ciddi nəzərlərini anasına yönəltdi.

Axı bu ana niyə başa düşə bilmir ki, dünyanın buxar maşınları üzrə ən məşhur mütəxəssisi qoruyucu klapana baxmaq istəyirsə, onun sözünü necə yerə salmaq olar?

Ata acıqla dedi:

– Öz hərəkətlərinə özün cavab verməlisən. Yoxsa damda yaşayan bir Karlson uydurub bütün günahı onun boynuna yıxmaq olmaz.

Balaca dedi:

– Xeyr, Karlsonu uydurmamışam, o, damda yaşayır.

Bosse onu lağa qoyub dedi:

– Özü də uça bilir, hə?

Balaca dedi:

– Təsəvvür edirsən, həə, uça da bilir. O uçub evimizə gələr, sən də görərsən…

Betan dedi:

– Yaxşı olar ki, o, sabah uçub gəlsin. Əgər damda yaşayan Karlsonu öz gözlərimlə görsəm, Balaca, sənə bir kron[2 - Kron – bәzi Avropa ölkәlәrindә pul vahidi, habelә hәmin dәyәrdә olan metal pul] verərəm.

– Yox, sən onu sabah görə bilməyəcəksən. Sabah o, emalatxanaya gedib mühərrikini yağladacaq.

Ana dedi:

– Bəsdir nağıl danışdın. Yaxşısı budur, bax gör kitab rəfini nə günə salmısan.

– Karlson deyir ki, bu, boş şeydir, adi həyat hadisəsidir!

Balaca belə deyib əlini lap Karlson kimi yellədi. Demək istəyirdi ki, kitab rəfinə düşmüş bir-iki ləkəyə görə qan qaraltmağa dəyməz.

Ancaq Balacanın nə sözləri, nə də hərəkəti anaya təsir etmədi. O, acıqla söylədi:

– Deməli, Karlson belə hesab edir? Onda Karlsona de ki, bir də burnunu buraya soxsa, ona elə divan tutacağam ki, ömrü boyu yadından çıxmasın.

Balaca heç nə demədi. Ancaq anasının dünyanın buxar maşınları üzrə ən məşhur mütəxəssisini döymək fikrinə düşməsi onu dəhşətə gətirdi.

Aradan bir müddət keçdi. Balaca döşəmədə uzanıb kitab oxuyurdu. Birdən eşikdən vızıltı eşitdi. Karlson nəhəng arı kimi uçub otağa daxil oldu. O, şən mahnı zümzümə edə-edə havada bir neçə dövrə vurdu. Divara vurulmuş şəkillərin qarşısından uçanda şəkillərə diqqətlə baxmaq üçün sürətini azaltdı. Başını yana əyib gözlərini qıydı. Dedi:

– Gözəl şəkillərdir! Son dərəcə gözəldir. Ancaq hər halda, mənim çəkdiklərimdən gözəl deyil.

Balaca ayağa durdu. Sevincinin həddi-hüdudu yox idi, axı Karlson gəlmişdi.

Balaca soruşdu:

– Orda, damda sənin çox şəklin var?

– Bir neçə min olar. Axı mən özüm boş vaxtlarımda şəkil çəkirəm; məsələn, dünyanın ən məşhur xoruzçəkəni mənəm.

Belə deyib Karlson ehtiyatla Balacanın yanında yerə endi.

Balaca təəccüblə dedi:

– Doğrudan elədir?! Olar ki, mən də səninlə dama qalxım? Sənin buxar maşınlarına, şəkillərinə elə baxmaq istəyirəm ki!

Karlson cavabında dedi:

– Əlbəttə ki, olar. Evimin əziz qonağı olarsan… Ancaq indi yox, başqa vaxt apararam.

– Kaş o gün tez gələydi, – Balaca ürəkdən arzuladı.

Karlson dedi:

– Sakit, bircə sən sakit ol! Mən əvvəl evimi yığışdırıb səliqəyə salmalıyam. Doğrudur, bu, çox vaxt aparmayacaq. Sən, yəqin, bilirsən ki, dünyanın ən tez ev yığışdıranı kimdir?

Balaca ehtiyatla dedi:

– Görünür, sənsən!

Karlson əsəbiləşdi:

– Hələ bir «görünür» də deyirsən?! Sən bu işə necə şəkk gətirə bilərsən! Damda yaşayan Karlson otağı tez təmizləməkdə dünyanın ən məşhur və yeganə ustasıdır. Bunu hamı bilir.

Balacanın artıq heç şübhəsi yox idi ki, hər işin «ən məşhur ustası» Karlsondur.

Bu vaxt Karlson ətrafa maraqla nəzər salaraq dedi:

– Ürəyim bir balaca əylənmək istəyir. Sənə təzə buxar maşını almayıblar ki?

Balaca başını buladı. O, buxar maşınını xatırlayıb düşündü: «Bax indi Karlson burdadır. Atamla anam onu görüb əmin ola bilərlər ki, mən Karlsonu uydurmamışam, o həqiqətdir». Əgər Bosse ilə Betan da evdə olsaydı, Karlsonu Balaca elə onlara da göstərərdi.

Balaca soruşdu:

– Anamla, atamla tanış olmaq istəyirsənmi?

Karlson cavab verdi:

– Əlbəttə! Böyük məmnuniyyətlə! Məni gördüklərinə çox şad olacaqlar, axı mən çox qəşəng və ağıllıyam…

Bu vaxt mətbəxdən ət qızartmasının ətri gəldi. Balaca başa düşdü ki, nahar vaxtı yaxınlaşır. O, bir qədər fikirləşib qərara aldı ki, Karlsonu valideynləri ilə nahardan sonra tanış etsin. Əvvəla, ana ət qızardanda gərək onun əl-ayağına dolaşmayasan. Bundan başqa, ana ilə ata Karlsonu buxar maşını, kitab rəfindəki ləkələr barədə sorğu-suala tuta bilərlər… Belə söhbətə isə qətiyyən yol vermək olmaz. Nahar vaxtı Balaca dünyada buxar maşınlarının ən məşhur mütəxəssisi ilə necə rəftar etməyi valideynlərinə başa salar, onlar da hər şeyi qabaqcadan bilər. Yalnız bundan sonra Balaca ailə üzvlərinin hamısını öz otağına dəvət edər. Ən yaxşısı elə budur!

Balaca bu planı qurarkən Karlson birdən axtarış iti kimi ətrafı imsiləməyə başladı. O dedi:

– Ət qızardırlar. Qızarmış xırdaca küftələr üçün ürəyim gedir.

Balaca özünü itirdi. Əslində, Karlsonun bu sözünə yalnız belə cavab vermək lazım idi: «İstəyirsən qal, bizimlə nahar elə». Lakin Balacanın bu təklifi söyləməyə cəsarəti çatmadı. Axı valideynləri ilə razılaşmadan Karlsonu nahara dəvət etmək olmazdı. Əvvəla, onlar Karlsonla tanış deyildilər. İkincisi də bu şəxs buxar maşınını partlatmış, kitab rəfini korlamışdı.

Ancaq Karlson indicə söylədi ki, ləzzətli, xırda küftələrdən xoşu gəlir. Deməli, Balaca mütləq onu küftəyə qonaq etməli idi. Yoxsa Karlson Balacadan inciyər və daha onunla oynamazdı… İndi bütün işlər bu ləzzətli, xırdaca küftələrdən asılı idi!

Balaca dedi:

– Bir dəqiqə gözlə, gedim mətbəxdən küftə gətirim.

Karlson başı ilə razılıq verdi.

Balacanın arxasınca:

– Tez ol, gətir gəl, – dedi, – şəkilnən qarın doymaz!

Balaca mətbəxə getdi. Dama-dama önlük bağlamış ana pilətənin qabağında durub ləzzətli küftələr qızardırdı. O, tez-tez böyük tavanı silkələyir, bir-birinə söykənmiş xırdaca küftələr çevrilirdi.

Ana dedi:

– Balaca, nə istəyirsən? İndicə nahar edəcəyik.

Balaca az qala yalvara-yalvara dedi:

– Anacan, zəhmət olmasa, nəlbəkiyə bir-iki dənə qızarmış küftə qoy. Mən onları öz otağıma aparacağam.

Ana dedi:

– Oğlum, indicə oturub nahar edəcəyik.

– Bilirəm, ancaq bu küftələr mənə lazımdır… Nahardan sonra hər şeyi sənə söyləyərəm.

– Yaxşı, yaxşı, – deyən ana xırda nimçəyə altı küftə qoydu. – Al, apar!

Küftələr elə gözəl idi ki! İyi adamı bihuş edirdi, özləri də qıpqırmızı qızarmışdı.

Balaca nimçəni ikiəlli tutub öz otağına getdi. Qapını açanda ucadan dedi:

– Karlson, mən gəldim!

Lakin Karlson gözə dəymirdi. Balaca əlində nimçə otağın ortasında durub ətrafa göz gəzdirdi. Karlson yox idi. Balaca elə kədərləndi ki, o saat qanı qaraldı və məyus halda ucadan dedi:

– O çıxıb gedib. O gedib!

Birdən Balaca qəribə ciyilti eşitdi, başını çevirdi. Çarpayıda, balışın lap yanında, yorğanın altında xırdaca bir yumaq tərpənir və ciyildəyirdi.

– Ciy, ciy!

Sonra Karlsonun hiyləgər üzü yorğanın altından göründü.

– Hi-hi! Sən dedin ki, «o gedib», «o gedib…» Hi-hi, «o» heç də getməyib, «o», sadəcə, gizlənib.

Bu vaxt Karlson Balacanın əlindəki nimçəni gördü. Dərhal qarnındakı düyməni basdı. Mühərrik işə düşdü. Karlson içində küftə olan nimçəyə sarı şığıdı. O, küftələrdən birini elə havadaca qapdı. Sonra tavana sarı uçaraq lampanın altında bir dövrə vurdu. Lap axırda da küftəni ağzına qoyub ləzzətlə çeynəməyə başladı.

Karlson sevinclə dedi:

– Əla küftədir! Çox ləzzətli küftədir! Fikirləşmək olar ki, onları dünyanın ən məşhur küftə ustası bişirib!.. Ancaq sən bilirsən ki, bu belə deyil.

Karlson yenə nimçəyə sarı şığıdı, bir küftə də götürdü.

Bu vaxt mətbəxdən ananın səsi eşidildi:

– Balaca, nahar hazırdır, tez ol, əllərini yu!

Balaca nimçəni döşəməyə qoyub Karlsona dedi:

– Mən getməliyəm. Ancaq tez qayıdacağam. Söz ver ki, məni gözləyəcəksən.

Karlson dedi:

– Yaxşı, gözləyərəm. Bəs mən burda sənsiz nə edim? – Karlson aşağı şığıdı. Balacanın yanında yerə endi. – Sənsiz qaldığım müddətdə maraqlı bir işlə məşğul olmaq istəyirəm. Sənin, doğrudan, daha buxar maşının yoxdur?








Balaca dedi:

– Yoxdur. Maşınım yoxdur, kubiklərim var.

Karlson dedi:

– Göstər görüm.

Balaca oyuncaqları yığılmış şkafdan içində tikinti materialları olan yeşiyi götürdü. Bu, doğrudan da, gözəl tikinti materialları idi: hərəsi də müxtəlif rəngdə və ölçüdə. Onları bir-birinə bərkidib istədiyin şeyi düzəldə bilərdin.

Balaca dedi:

– Bunlarla oyna. Bax, bunlardan avtomobil də, qaldırıcı kran da, bir sözlə, nə istəsən düzəldə bilərsən…

Karlson Balacanın sözünü ağzında qoyub dedi:

– Məgər dünyanın ən məşhur tikinti ustası onlardan nə düzəltmək mümkün olduğunu sənin qədər bilmir?

Karlson küftələrdən birini də ağzına soxdu və içində kubik olan yeşiyə sarı cumdu. Kubikləri döşəməyə boşaldaraq dedi:

– İndi düzəldərəm, görərsən.

Balaca gedib nahar etməli idi. O, məmnuniyyətlə burada qalar, dünyanın ən gözəl tikinti ustasının işinə baxardı! Amma o, nahara getməli idi.

Balaca yemək otağına gələndə ana, ata, Bosse və Betan artıq stolun dövrəsində oturmuşdular. Balaca öz yerində əyləşdi, önlüyünü taxıb dedi:

– Ana, mənə söz ver. Ata, sən də söz verməlisən.

Ana soruşdu:

– Biz niyə söz verməliyik ki?

– Əvvəl söz ver, sonra deyərəm!

Ata heç nə bilmədən, kor-koranə söz verməyin əleyhinə idi. O dedi:

– Bəlkə, sən yenə it istəyəcəksən?

Düzdür, Balaca itinin olmasını çox arzulayırdı. Amma indi onun başqa sözü vardı. Odur ki dedi:

– Yox, it istəməyəcəyəm. Ancaq ürəyin istəyirsə, mənə it də boyun ola bilərsən! İndi deyəcəyim isə tamam başqa məsələdir. Söz verin.

Ana dedi:

– Yaxşı da, oldu.

Balaca sevincək dilləndi:

– Deməli, söz verdiniz ki, damda yaşayan Karlsona buxar maşını barədə heç nə deməyəcəksiniz…

– Qəribədir, – Betan söhbətə qarışdı, – bir halda ki onlar Karlsonla görüşməyəcəklər, buxar maşını ilə bağlı necə sorğu-sual edə bilərlər?

– Yox, görüşəcəklər, – Balaca arxayın cavab verdi, – çünki Karlson mənim otağımdadır.

Bosse çığırdı:

– Oy, az qalmışdı boğulam! Deyirsən Karlson sənin otağındadır?

– Bəli, ordadır! – Balaca məğrur nəzərlərlə ətrafa baxdı.

Kaş ki onlar naharı tez qurtarıb Karlsonu gözləri ilə görəydilər…

Ana dedi:

– Karlsonla görüşmək bizə xoşdur.

Balaca dedi:

– Elə Karlson da bu fikirdədir!

Nəhayət, kompotu içdilər. Ana stolun arxasından qalxdı. Son dəqiqələr gəlib çatdı.

Balaca dedi:

– Hamımız gedək!

O irəlidə, ailə üzvləri isə arxada gedirdi. Otağının qapısına çatanda Balaca dedi:

– Ancaq verdiyiniz sözün üstündə durun. Buxar maşını barədə bir kəlmə də danışmayın!

Sonra o, qapının dəstəyini dartıb açdı.

Karlson otaqda yox idi. Həm də bu dəfə doğrudan yox idi. Balacanın yatağındakı xırdaca yumaq da tərpənmirdi.

Yerdə kubiklərdən bir qüllə ucaldılmışdı. Qüllə çox hündür idi. Üstəlik, o, kubikləri, sadəcə, bir-birinin üstünə yığmışdı. Nəticədə uzun və ensiz bir qüllə alınmışdı. Qüllənin son kubikinin üstünə isə günbəz əvəzinə, o, xırdaca küftə qoymuşdu.




Karlson çadır oyunu oynayır


Balaca lap dilxor idi. Kubiklərin küftə ilə bəzənməsi, əlbəttə, ananın xoşuna gəlməmişdi. O, şübhə etmirdi ki, bu elə Balacanın öz işidir.

Əvvəlcə ata dilləndi:

– Bilirsən, Balaca, biz daha sənin Karlson barədəki uydurmalarını eşitmək istəmirik!

Sonra Betan kinayə ilə dedi:

– Bu Karlson yaman hiyləgərdir ha! Həmişə biz gələndə yoxa çıxır.

Pərt olmuş Balaca soyumuş küftəni yeyib kubikləri yığmağa başladı. Karlson barədə danışmağın indi qətiyyən yeri deyildi. Amma Karlson da yaxşı iş görmədi, onu pis vəziyyətdə qoydu.

Ata Balacanın üzünü sığallayıb dedi:

– Gəlin gedək qəhvə içək, Karlsonu da unudaq.

Onlar birlikdə qəhvə içmək üçün yemək otağına qayıtdılar. Bir müddət sonra ana ilə ata kinoteatra getdilər. Bosse isə stadiona yollandı. Betan isə dostu Pelle ilə qonaq otağında söhbət edirdi.

Balaca öz otağına gəldi. O nə edəcəyini bilmirdi. Çox darıxdığı üçün pəncərədən küçəyə baxmağa başladı. Bu vaxt mühərrik səsi eşitdi. Heç bir dəqiqə çəkmədi ki, Karlson pəncərədən içəri uçub gəldi.

– Salam, Balaca!

– Salam, Karlson! Haradan gəlib çıxdın?

– Necə yəni haradan gəlib çıxdım? Bu nə sualdır?

– Axı mən səni anam və atamla tanış etmək istəyirdim. Bəs sən niyə qaçdın?

Karlson bərk hirsləndi:

– Həyatımda belə şey eşitməmişəm! Bəlkə, mən öz evimə baş çəkə bilmərəm, hə? Ev sahibi evini başsız qoya bilməz. Mən öz ev-eşiyimlə məşğul olmaq istəyəndə atanla anan mənimlə tanış olmaq istəyiblər, mənim günahım nədir?

Sonra Karlson evi nəzərdən keçirib dedi:

– Bəs qülləm hanı? Mənim gözəl qülləmi kim uçurub? Küftəm necə olub?

Balaca pərt oldu, dedi:

– Mən sənin qayıdacağını güman etmirdim. Ona görə də uçurdum.

– Belə de! – Karlson bağırdı. – Dünyada ən məşhur qülləucaldan qüllə tikir, sonra gör nə olur?

Karlson kənara çəkilərək alçaq skamyanın üstündə oturdu. O, çox acıqlı idi.

Balaca dedi:

– Boş şeydir! Adi həyat hadisəsidir! – Sonra da lap Karlson kimi əlini yellədi. – Heç buna görə də adam kefini pozar?

Karlson acıqla söylədi:

– Sənə nə var ki, uçurmaq ən asan işdir. Uçurub deyəsən ki, «bu, adi həyat hadisəsidir, ona görə kefini pozmağa dəyməz». Bəs mənim – tikinti ustasının halını heç fikirləşmisən? Mən bu balaca, bədbəxt əllərimlə qüllə ucaltmışdım.

Karlson xırdaca, totuq əllərini az qala Balacanın gözünə soxdu. Sonra o, yenidən skamyaya əyləşdi; qanı əvvəlkindən də qara idi.

– Mən lap özümdən çıxıram, lap əsəbiləşirəm.

Balaca özünü tamam itirdi. O, key kimi durub baxırdı – bilmirdi nə etsin.

Sükut xeyli sürdü. Nəhayət, Karlson kədərli səslə dedi:

– Əgər mənə balaca bir hədiyyə versələr, bəlkə də, kefim düzələr. Doğrudur, bunu qəti deyə bilmərəm, ancaq hər halda, mənə bir şey hədiyyə versələr, bəlkə də, əhvalım düzələr…

Balaca stola tərəf qaçıb yeşiyi açdı. Ən qiymətli şeylərini orada saxlayırdı: marka kolleksiyası, ala-bəzək çay daşları, rəngbərəng tabaşir, qalaydan düzəldilmiş əsgərlər.

Balacanın elektrik fənəri də orada idi. Bu fənər Balaca üçün çox əziz idi.

Balaca soruşdu:

– Bəlkə, bunu sənə bağışlayım?

Karlson fənərə ani nəzər salıb sevindi:

– Hə, hə, bax, belə şey mənə bağışlasan, kefim düzələr. Əlbəttə, mənim qülləm bundan qiymətli idi, ancaq sən mənə bu fənəri versən, kefim bir qədər durular.

Balaca dedi:

– Götür, sənə bağışlayıram.

– Yanırmı? – Karlson düyməni basdı. – Ura! Yanır! – O, sevinclə səsləndi, gözləri də fənər kimi işıqlandı. – Gecələr öz evimə gedərkən bu fənəri yandıracağam. Bir daha qaranlıqda, bacaların yanında azmayacağam.

Bu sözlər Balacanı çox sevindirdi. İndi onun da bircə arzusu var idi: Karlsonla birlikdə dama çıxıb bu fənərlə yolu işıqlandıra-işıqlandıra orada gəzmək!

– Hə, Balaca, mənim kefim kökəldi! Ananı, atanı çağır gəlsinlər, tanış olaq.

Balaca dedi:

– Onlar kinoya gediblər.

Karlson təəccüblə soruşdu:

– Mənimlə görüşməkdənsə, kinoya gediblər?

– Elədir, hamı gedib. Evdə yalnız Betan və onun yeni dostu qalıb. Onlar qonaq otağındadırlar. Nə barədəsə söhbət edirlər. Mənim ora girməyim isə qadağandır.

Karlson təəccüblə dilləndi:

– Nə? Sən ora gedə bilməzsən? Biz buna dözmərik. İrəli!..

Balaca dedi:

– Axı bizim evdə qayda belədir. Həm də mən söz vermişəm.

– Nə söz vermisən?

– Söz vermişəm ki, bütün axşamı qonaq otağına girməyim.

Karlson dedi:

– Səni heç kim görməyəcək. Yəqin ki, Betanın yeni dostuna baxmaq üçün ürəyin gedir, hə?

– Düzünü bilmək istəsən, hə! – Balaca ürəkdən cavab verdi. – Əvvəllər o, pələqulaq bir oğlanla dostluq edirdi. Elə istərdim, bu oğlanın da qulaqlarına baxam.

Karlson dedi:

– Elə mən özüm də onun qulaqlarına baxmaq istərdim. Bir dəqiqə gözlə! İndi bir şey fikirləşərəm. Dünyanın ən məşhur kələkbazı damda yaşayan Karlsondur.

Sonra Karlson diqqətlə ətrafı nəzərdən keçirməyə başladı. Birdən başı ilə adyala işarə edib dedi:

– Aha, bizə elə bu da lazımdır. Bir şey fikirləşib tapacağıma heç şübhəm yox idi…

Balaca soruşdu:

– Nə fikirləşmisən ki?

– Sən and içmisən ki, bütün axşamı qonaq otağına keçməyəcəksən, elədir? Əgər sən üstünə adyal salsan, səni heç kəs görməyəcək.

Balaca etiraz etmək istədi.

– Doğrudur, ancaq…

– Ancağı-zadı yoxdur! – Karlson onun sözünü acıqla kəsdi. – Əgər sən başına adyal salsan, onda səni görməyəcəklər. Mən də başıma adyal salacağam, ona görə məni də görməyəcəklər. Yazıq, balaca Betan, məni görmək ona nəsib olmayacaq!

Karlson çarpayının üstündən adyalı çəkib başına saldı.

– Bura gəl, tez ol, yanıma gəl, – o, Balacanı səslədi. – Gəl mənim çadırımın altına.

Balaca adyalın altına girdi və hər ikisi sevinclə xısın-xısın gülüşdü.

– Betan qonaq otağında çadırın gəzməsinə etiraz etməmişdi ki! Çadır görəndə bütün insanlar sevinirlər. Hələ üstəlik, içində fənər yanan bir çadır! – bunu deyib Karlson fənəri yandırdı.

Balaca heç də əmin deyildi ki, Betan çadırı görəndə çox sevinəcək. Ancaq Karlsonla yanaşı qaranlıq çadırda durmaq, üstəlik, fənərlə içərini işıqlandırmaq elə maraqlı idi ki…

Nəhayət, çadır qapıya sarı irəliləməyə başladı. Balaca Karlsonun dalınca gedirdi. Xırdaca, totuq əl adyalın altından çıxıb qapını açdı. Çadır qalın pərdə ilə qonaq otağından ayrılan dəhlizə çıxdı.

Karlson pıçıldadı:

– Sakit, bircə sən sakit ol!

Çadır səssizcə dəhlizi keçib pərdənin qabağında dayandı. Betan ilə Pellenin danışığı indi nisbətən aydın eşidilirdi. Amma yenə də heç nə başa düşmək olmurdu. Qonaq otağının işığı yanmırdı. Betan ilə Pelle yarıqaranlıqda oturmuşdular, görünür, pəncərədən düşən işıq onlara kifayət edirdi.

Karlson pıçıldadı:

– Çox yaxşı. Mənim fənərimin işığı qaranlıqda lap gur görünəcək.

Lakin hər ehtimala qarşı əvvəlcə o, fənəri söndürdü.

Çadır ehmalca pərdəni çəkib qonaq otağına girdi. Betan ilə Pelle qarşı tərəfdə balaca divanın üstündə oturmuşdular. Çadır ehmalca onlara yanaşırdı.

– Betan, mən indi səni öpəcəyəm, – Balaca xırıltılı oğlan səsi eşitdi.

– Yaxşı, – Betan razılıq verdi və yenidən sakitlik yarandı.

Çadırın qara kölgəsi yavaş-yavaş divana yaxınlaşırdı. Artıq divana bir neçə addım qalmışdı, Betan ilə Pelle isə heç nə duymurdular. Onlar dinməzcə oturmuşdular.

Pelle cəsarətsiz səslə dedi:

– Betan, indi də sən məni öp.

Cavab gəlmədi, çünki bu vaxt fənərin gur işığı qaranlığı yararaq düz Pellenin üzünə düşdü. Pelle yerindən sıçradı, Betan çığırdı. Bu vaxt dəhlizə sarı uzaqlaşan qəhqəhə səsi və ayaq tappıltısı eşidildi.

Gur işıq Betan ilə Pellenin gözünü qamaşdırmışdı. Odur ki ikisi də heç nə görmədi. Yalnız pərdənin arxasında ucalan qəhqəhəni eşitdilər.

Betan dedi:

– Bu mənim dələduz qardaşımın işidir. Dayan, indi onun başına oyun açacağam!

Balaca ilə Karlson bunu eşidib yenidən qaçmağa başladılar. Amma bu vaxt onların ayaqları bir-birinə dolaşdı. İkisi də yerə sərildi. Betan indicə gəlib onların başının üstünü ala bilərdi. Odur ki iməkləyə-iməkləyə Balacanın otağına sarı getdilər. Onlar otağa girəndə bərk həyəcanlı idilər. Elə bu vaxt Betan özünü qapıya çatdırdı.

– Sakit, bircə sən sakit ol! – Karlson pıçıldadı. Sonra isə təngnəfəs dedi: – Dünyanın ən məşhur qaçanı damda yaşayan Karlsondur!

Balaca da bərk qaça bilirdi, sözün düzü, indi bu lap vacib idi. Onlar qapını Betanın üzünə bağlayıb xilas oldular. Karlson tələsik qapının açarını burdu. Betan qapını var gücü ilə döyəcləyəndə isə şən səslə güldü.

Qız acıqla qışqırdı:

– Balaca, dayan bir, əlimə düşərsən!

– Hər halda, məni heç kəs görmədi! – Balaca qapının o biri üzündən cavab verdi və yenidən qəhqəhə səsi eşidildi.

Əgər Betan qəzəbli olmasa idi, bilərdi ki, gülən iki nəfərdir.




Karlson mərc gəlir


Bir dəfə Balaca məktəbdən hirsli qayıtdı. Alnında şiş var idi. Anası mətbəxdə iş görürdü. Ana şişi görəndə çox məyus oldu. Oğlunu qucaqlayıb soruşdu:

– Yazıq Balaca, alnına nə olub?

Balaca qaşqabaqla cavab verdi:

– Krister mənə daş atdı. Bunu Qunilla da gördü.

Kristerlə Qunilla Balacanın dostları idilər. Onlar Balaca ilə bir küçədə yaşayır, onunla bir sinifdə oxuyurdular.

– Krister sənə daş atdı? Nə yaramaz oğlandır o! – ana əsəbiləşdi. – Nə üçün mənə o saat demədin?

Balaca çiyinlərini çəkdi:

– Xeyri nə idi? Sən ki daş ata bilmirsən. Sənin atdığın daş heç anbarın divarına da gedib çatmaz.

– Ay başıboş! Sən elə bilirsən ki, mən Kristerə daş atacaqdım?

– Bəs daha nə atacaqdın? Məncə, daşdan başqa bir şey yoxdur ki, ona atasan, ən yaxşısı elə daşdır.

Ana köksünü ötürdü. Aydın oldu ki, yeri düşəndə təkcə Krister daş atmır, Balaca da atır. Bu məsələdə onun sevimli oğlu heç də başqasından geri qalmır. Heç belə qəşəng göy gözlərin sahibi də dalaşqan olar?

– Məgər davasız keçinmək olmazdı ki? Bilirsən, Balaca, xoşluqla hər işi yoluna qoymaq olar. Yer üzündə həll edilə bilməyən bir şey yoxdur. Sadəcə, oturub danışmaq, götür-qoy etmək lazımdır.

– Yox, ana, düz deyil; məsələn, mən elə dünən belə bir iş üstündə Kristerlə dalaşmışdım…

Ana dedi:

– Çox nahaq yerə. Siz mübahisəni yumruqla yox, sözlə həll edə bilərdiniz.

Balaca mətbəxdəki stolun yanında oturub ağrıyan başını tutmuşdu.

– Doğrudan, səncə, belədir? – o, incik nəzərlərini anasına yönəltdi. – Krister mənə dedi: «Mən səni əzişdirə bilərəm». Elə beləcə də dedi. Mən də cavabında söylədim:

«Yox, əzişdirə bilməzsən». İndi de görüm, biz bu mübahisəni sözlə həll edə bilərdikmi?

Ana cavab tapa bilmədi. Ona görə də sülhpərvər söhbətini kəsməli oldu.

Balaca hələ də qaşqabağını töküb oturmuşdu. Ana cəld ona bir stəkan isti şokolad və isti qoğal verdi.

Balaca qoğalı çox sevirdi. Hələ pilləkənlə qalxarkən evlərindən gələn ləzzətli qoğal ətrini duymuşdu. Ananın üstü qıpqırmızı qızarmış qoğalları adama ləzzət verirdi.

O, minnətdarlıqla qoğaldan bir dişləm aldı.

Balaca yemək yeyərkən ana onun alnındakı şişə plastır yapışdırdı. Sonra ağrıyan yerini ehmalca öpüb soruşdu:








– Kristerlə sənin aranda bu gün nə olmuşdu ki?

– Kristerlə Qunilla elə hey deyirdilər ki, damda yaşayan Karlsonu mən uydurmuşam. Belə şey ola bilməz.

Ana ehtiyatla soruşdu:

– Nədir ki, məgər elə deyil?

Balaca qəzəblə anasına baxıb soruşdu:

– Deməli, sən də mənim sözlərimə inanmırsan? Mən Karlsondan soruşdum ki, uydurmasan, ya yox?..

Ana maraqla xəbər aldı:

– Bəs Karlson nə cavab verdi?

– O dedi ki, əgər uydurma olsa idi, bu, dünyanın ən gözəl uydurması sayılardı. Lakin məsələ ondadır ki, o uydurulmayıb, – Balaca bir qoğal da götürdü. – Karlson deyir ki, əksinə, Kristerlə Qunilla uydurmadır. O deyir:

«Onlar nadir uydurmadırlar». Mən də belə hesab edirəm.

Ana heç nə demədi, başa düşdü ki, Balacanın təsəvvürünü puç etmək mümkün deyil.

Nəhayət, ana dedi:

– Mənə elə gəlir ki, Krister və Qunilla ilə yaxından dostluq etməlisən. Karlsonu isə unutmalısan.

– Niyə? Axı Karlson mənə daş atmır.

Bunu deyib Balaca əlini alnındakı şişə çəkdi. Birdən nəsə xatırladı, üzünə təbəssüm yayıldı. Yenidən dilləndi:

– Ana, az qala unudacaqdım, axı mən bu gün ilk dəfə Karlsonun evini görəcəyəm!

Bunu dediyinə o saat peşman oldu. Belə şeyləri anaya söyləmək axmaqlıq idi!

Ancaq Balacanın bu sözü də anaya uydurma gəldiyi üçün o, etinasızlıqla dedi:

– Yəqin, bu sənin üçün çox maraqlı olar, eləmi?

Əgər ana Balacanın sözünü axıra kimi başa düşmüş olsa idi, bu qədər sakit danışmazdı. Təkcə Karlsonun harada yaşadığını düşünmək kifayət idi.

Balaca stolun arxasından qalxanda kefi xeyli kökəlmişdi. Həyatından da həddən artıq razı idi. Alnındakı şiş daha ağrıtmırdı. Dadlı qoğalın ləzzəti damağından getməmişdi. Günəş işığı mətbəxin pəncərəsindən içəri dolmuşdu. Dama-dama önlük taxmış ana elə qəşəng idi ki. Bir sözlə, kefikök olmamaq üçün heç bir səbəb yox idi!

Balaca anasına yanaşdı, onun əlini öpüb dedi:

– Anacan, səni elə sevirəm ki!

Ana dedi:

– Çox şadam.

– Doğru deyirəm… Mən səni sevirəm, çünki sən çox gözəlsən.

Sonra Balaca öz otağına gedib Karlsonu gözləməyə başladı. Axı onlar bu gün birlikdə dama çıxmalı idilər. Əgər Karlson Kristerin dediyi kimi uydurma idisə, onda Balaca çətin ki oraya çıxa bilərdi.

Karlson Balacaya demişdi:

– Mən təqribən üçdə, yaxud dörddə, ya beşdə gələcəyəm, ancaq hər halda, altıdan tez olmayacaq.

Balaca heç cür müəyyən edə bilmədi ki, Karlson saat neçədə gəlmək fikrindədir. Ona görə də dübarə soruşdu, Karlson cavabında dedi:

– Hər halda, yeddidən gec gəlməyəcəyəm, ancaq səkkizdən tez olmayacaq… Məni saat doqquz radələrində görə bilərsən, təqribən saat onu vuranda.

Balaca Karlsonu uzun müddət gözlədi, lap gözünün kökü saraldı. Axırda ona elə gəldi ki, Karlson elə, doğrudan da, uydurmadır. Bu vaxt vızıltı eşidildi, şən və qıvraq Karlson uçub otağa girdi.

Balaca dedi:

– Gözləməkdən gözümün kökü saraldı. Saat neçədə gəlməyə söz vermişdin?

Karlson cavab verdi:

– Mən təqribən demişdim. Elə də oldu, mən elə təqribən də gəldim.

O, Balacanın akvariumuna yanaşdı. Akvariumda rəngbərəng balıqlar üzüşürdülər. Karlson başını akvariuma salıb iri qurtumlarla su içməyə başladı.

Balaca çığırdı:

– Ehtiyatlı ol! Balıqlarıma dəymə!

O, Karlsonun bilmədən balıqları da udacağından qorxmuşdu.

Karlson dedi:

– İnsanın yanğısı olanda gərək çoxlu su içə. Hətta o, iki-üç, lap dörd balıq da udsa, boş şeydir, adi həyat hadisəsidir.

Balaca soruşdu:

– Sənin yanğın var?

– Əlbəttə! Əlini vur. – O, Balacanın əlini alnına qoydu.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/astrid-lindgren/balaca-v-karlson-68289751/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Denaturat – texnikada işlәdilmәk üçün hazırlanan zәhәrli spirt




2


Kron – bәzi Avropa ölkәlәrindә pul vahidi, habelә hәmin dәyәrdә olan metal pul



Bu əsərdə təsvir olunan qeyri-adi hadisələr 1950-ci illərdə Stokholmun mərkəzi rayonlarının birində, Vazastanda bir evdə, Balaca adlandırılan uşaqla damda yaşayan Karlson ətrafında cərəyan edir.

Как скачать книгу - "Balaca və Karlson" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Balaca və Karlson" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Balaca və Karlson", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Balaca və Karlson»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Balaca və Karlson" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги серии

Книги автора

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *