Книга - Üç gonbul

a
A

Üç gonbul
Yuri Oleşa


Dünya ədəbiyyatından seçmələr
Metaforik (məcazi) üslubda yazılmış bu dərin məzmunlu nağıl-povestdə üç gonbulun hakimiyyətindən əziyyət çəkən xalqın onlara qarşı mübarizəsindən danışılır.





Yuri Oleşa

ÜÇ GONBUL





Birinci hissə

KƏNDİRBAZ TİBUL





I fəsil

DOKTOR QASPAR ARNERİNİN NARAHAT GÜNÜ


Sehrbazların vaxtı çoxdan ötüb-keçib. Çox güman ki, onlar, bəlkə də, heç olmayıblar. Bütün bu uydurma və nağıllar balaca uşaqlar üçündür. Sadəcə, bəzi hoqqabazlar maymaqları elə məharətlə aldadıblar ki, sonra bu hoqqabazları cadugər və sehrbaz kimi qələmə veriblər.

Bir doktor vardı. Adı Qaspar Arneri idi. Sadəlövh adam, yarmarka əyyaşı, yarımçıq oxumuş tələbə də onu sehrbaz kimi qəbul edə bilərdi. Doğrudan da, bu doktor əsl möcüzəyə oxşayan heyrətamiz şeylər edirdi. Əlbəttə, onun sadəlövh camaatı aldadan sehrbaz və hiyləbazlara heç bir aidiyyəti yox idi.

Doktor Qaspar Arneri alim idi. Ola bilsin, o, yüzəcən elm öyrənmişdi. Hər halda, bu məmləkətdə Qaspar Arneri kimi müdrik insan və alim yox idi.

Onun alimliyinə hamı – dəyirmançı da, əsgər də, xanımlar da, nazirlər də bələd idi. Şagirdlər onun haqqında belə nəqəratla bütöv bir mahnı oxuyurdular:

Yerdən ulduzlara biz necə uçaq,
Tülkü quyruğundan bəs necə tutaq,
Bəs biz daşdan necə çıxaraq buxar, –
Bunu bacarar yalnız doktor Qaspar.

Bir dəfə yay vaxtı, iyun ayında, olduqca xoş bir havada doktor Qaspar Arneri müxtəlif növ ot və böcək toplamaq üçün gəzintiyə çıxmağı qərara aldı.

Doktor Qaspar cavan deyildi və ona görə də yağışdan və küləkdən çəkinirdi. Evdən çıxanda boynuna qalın şərf dolayar, gözlərinə toz dolmasın deyə eynək taxar, əlinə ağac alardı ki, ayağı büdrəməsin və ümumiyyətlə, gəzintiyə böyük ehtiyatla çıxardı.

Bu gün hava çox gözəl idi: günəş öz şəfəqini ətrafa yayırdı, otlar elə yamyaşıl idi ki, adam ağzında sanki onların şirin tamını hiss edirdi, zəncirotular havada uçuşur, quşlar civildəşirdilər. Yüngül ziyafət paltarısayağı xəfif meh əsirdi.

– Çox gözəl havadır, – doktor dedi, – ancaq ehtiyat üçün plaş götürmək lazımdır, çünki yay havası aldadıcı olur. Yağış da yağa bilər.

Doktor təsərrüfatını yerbəyer elədi, eynəyini üfürdü, yaşıl dərili, çamadana oxşayan yeşiyini götürüb yola düşdü.

Ən maraqlı yerlər şəhərdən kənarda, Üç Gonbulun sarayı olan ərazidə idi. Doktor bu yerlərə tez-tez gələrdi. Saray böyük bir parkın ortasında yerləşirdi. Park isə dərin kanallarla əhatə olunmuşdu. Kanalların üzərindən qara dəmir körpülər salınmışdı. Körpüləri qara müşəmbə şlyapalarına sarı lələklər taxılmış saray keşikçiləri mühafizə edirdilər. Parkın ətrafı üfüqədək gül-çiçək səpələnmiş valehedici çəmənliklə, balaca meşəlik və nohurlarla əhatə olunmuşdu. Bura gəzinti üçün çox gözəl yer idi. Burada ən maraqlı növ otlar bitirdi, ən gözəl böcəklər səs salır, quşlar məharətlə oxuyurdular.








“Amma piyada getsəm, uzaq olar. Şəhər səddinə kimi gedib orda fayton tutaram. O da məni saray parkınacan aparar”, – deyə doktor fikirləşdi.

Şəhər səddi yanında camaat həmişəkindən çox idi.

“Məgər bu gün istirahət günüdür? – deyə doktor şübhələndi. – Düşünmürəm, bu gün çərşənbə axşamıdır”.

Doktor yaxına gəldi. Meydan camaatla dolu idi.

Doktor yaşıl köbəli boz mahud gödəkcə geymiş sənətkarları, sifəti gil rəngində olan dənizçiləri, yubkaları çəhrayı kollara bənzəyən arvadları ilə gəlmiş rəngbərəng jiletli varlı şəhərliləri, qrafinli, tabaqlı, dondurma qablı və manqallı tacirləri, sanki paltarları yaşıl, sarı və ala-bəzək qurama yorğana bənzəyən arıq meydan aktyorlarını, kürən, şən itlərin quyruğundan dartan balaca uşaqları gördü.

Hamı şəhər darvazasının qabağına toplanmışdı. Nəhəng, hündür bina boyda dəmir darvaza bərk-bərk bağlanmışdı.

“Darvaza niyə bağlıdır?” – doktor heyrətləndi.

İzdiham səs-küy salmışdı; hamı ucadan danışır, qışqırır, söyürdü, lakin heç nə anlamaq olmurdu.

Doktor qucağında bozumtul kök pişik tutmuş cavan bir qadına yanaşıb soruşdu:

– Bağışlayın, deyin görüm, burda nə baş verir? Camaat niyə belə çoxdur, onların həyəcanına səbəb nədir, şəhərin darvazası niyə bağlıdır?

– Qvardiyaçılar camaatı şəhərdən buraxmırlar…

– Axı niyə buraxmırlar?

– Ona görə ki onlar şəhərdən çıxıb Üç Gonbul sarayına yollananlara kömək eləməsinlər…

– Vətəndaş, mən heç nə anlamıram, bağışlayın…

– Ah, siz doğrudanmı bilmirsiniz ki, bu gün silahqayıran Prospero və gimnast Tibul xalqı arxalarınca aparırlar ki, hücumla Üç Gonbul sarayını tutsunlar?

– Silahqayıran Prospero?

– Bəli, vətəndaş… Sədd hündürdü və onun o tayında qvardiya atıcıları durublar. Heç kim şəhərdən çıxmayacaq, silahqayıran Prosperonun arxasınca gedənləri isə saray qvardiyaçıları vuracaqlar.

Doğrudan da, uzaqda bir neçə atəş səsi eşidildi.

Qadın pişiyi qucağından yerə saldı. Pişik çiy xəmir kimi şappıltı ilə yerə dəydi. İzdiham nərildədi.

“Deməli, belə əhəmiyyətli hadisəni əldən verdim, – doktor fikirləşdi. – Düzdür, bir aydır otaqdan bayıra çıxmıram. Bağlı qapı arxasında işləmişəm. Heç nədən xəbərim yoxdur…”

Bu vaxt top bir neçə dəfə daha uzağı vurdu. Gurultu top kimi atıldı və külək boyu diyirləndi. Qorxan təkcə tələsik bir neçə addım geriyə atılan doktor olmadı, bütün izdiham guruldadı və ətrafa səpələndi. Uşaqlar ağlaşdılar, göyərçinlər qanadlarını şappıldadaraq uçub getdilər, itlər yerdə şöngüyüb ulamağa başladılar.

Güclü top atəşi başlandı. Son dərəcə şiddətli səs-küy qalxdı. İzdiham darvazanı itələyərək qışqırmağa başladı:

– Prospero! Prospero!

– Rədd olsun Üç Gonbul!

Doktor Qaspar tamam özünü itirdi. İzdihamda onu tanıdılar; çünki çox adam onu üzdən tanıyırdı. Bəziləri sanki ondan kömək diləyirmiş kimi ona carı atıldılar. Lakin doktor az qala ağlayacaqdı.

“Orada nə edirlər? Necə bilək ki, darvazanın o tayında nə baş verir? Bəlkə, xalq qələbə çalıb, bəlkə də, artıq hamısını güllələyiblər!”

Belə olanda ona qədər adam meydandan başlanan üç dar küçəyə tərəf qaçdı. Küçənin tinində köhnə qülləli hündür ev vardı. Doktor qalan adamlarla qülləyə qalxmağı qərara aldı. Aşağıda hamama bənzəyən camaşırxana vardı. Ora zirzəmi kimi qaranlıq idi. Yuxarıya dolama pilləkən qalxırdı. Ensiz pəncərələrdən işıq düşürdü, lakin çox zəif idi, ona görə də hamı yavaş-yavaş, böyük çətinliklə yuxarı qalxırdı, həm də ki sınıq sürahili pilləkən dağılmışdı. Doktor Qasparın lap yuxarı mərtəbəyə necə çətinliklə və həyəcanla qalxdığını təsəvvür etmək çətin deyil. Nə təhər olsa da, hələ iyirminci pilləyə çatanda qaranlıqda onun qışqırtısı eşidildi:

– Ah, ürəyim partlayır, ayaqqabının dabanı da itdi!

Doktor plaşını hələ onuncu top atəşindən sonra meydanda itirmişdi.

Qüllənin təpəsində daş sürahilərlə əhatə olunmuş meydança vardı. Buradan ən azı əlli kilometrədək məsafənin mənzərəsi aydın görünürdü. Onun bu mənzərəni seyr etməyə vaxtı yox idi, amma bu mənzərəyə baxmağa dəyərdi. Hamı döyüş gedən tərəfə baxırdı.

– Məndə durbin var. Səkkiz şüşəli durbini həmişə özümlə gəzdirirəm. Budur, – deyə doktor kəmərini açdı.

Durbin əldən-ələ gəzdi.

Doktor Qaspar yaşıllıq sahədə çoxlu adam gördü. Onlar şəhərə sarı qaçırdılar. Qaçıb aradan çıxmaq istəyirdilər. Uzaqda görünən adamlar rəngbərəng bayraqcıqlara bənzəyirdilər. Qvardiyaçılar camaatı at döşünə salıb qovurdular.

Doktor Qaspar fikirləşdi ki, bütün bunlar sehrli fənərlərin rəsminə bənzəyir. Günəş parlaq işıq saçır, yaşıllıq parıldayırdı. Mərmilər pambıq parçaları kimi parça-parça olurdu; alov bir anlıq göründü, elə bil kimsə izdihamın üstünə günəşin parlaq ləkələrini atdı. Atlar yerində oynayır, şahə qalxır və fırfıra kimi fırlanırdı.

Üç Gonbul sarayının parkını ağappaq şəffaf tüstü bürümüşdü.

– Onlar qaçırlar!

– Onlar qaçırlar… Xalq məğlub oldu!

Qaçan adamlar şəhərə yaxınlaşırdılar. Xeyli insan yollarda yıxılıb qalmışdı. Adama elə gəlirdi ki, yaşıllığa rəngarəng quramalar səpilmişdir.

Mərmi meydanın üzərindən vıyıldayıb keçdi.

Kimsə qorxudan əlindəki durbini yerə saldı. Mərmi partladı, qüllənin lap yuxarısında olanların hamısı özünü aşağıya, qüllənin içərisinə atdı.

Çilingərin dəri önlüyü hansısa qarmağa ilişdi. O, ətrafına baxdı, dəhşətli bir şey görmüş kimi bütün meydan boyu bağırdı:

– Qaçın! Onlar silahqayıran Prosperonu tutdular! Bu saat şəhərə girəcəklər!

Meydanda nizamsızlıq yaranmışdı. İzdiham darvazadan geri çəkilib meydandan küçələrə sarı qaçdı. Atışmadan hamının qulağı batmışdı.

Doktor Qasparla daha iki nəfər qüllənin üçüncü mərtəbəsində dayanmışdı. Onlar qalın divarın ensiz pəncərəsindən baxırdılar.

Yalnız onlardan biri əməlli-başlı baxa bilirdi. Qalanları bir gözlə baxırdılar. Doktor da bir gözü ilə baxırdı. Lakin bir gözlə baxanda da mənzərə yetərincə dəhşətli idi.

Nəhəng dəmir darvaza taybatay açıldı. Üç yüzə yaxın adam birdən bu darvazaya sarı can atdı. Bunlar yaşıl köbəli boz mahud gödəkcə geymiş sənətkarlar idi. Onların qanı axır, yerə yıxılırdılar. Qvardiyaçılar onların başı üzərində at çapırdılar. Onları qılıncla doğrayır və tüfəngdən atəş açırdılar. Sarı lələklər yellənir, qara müşəmbəli şlyapalar parıldayır, atlar köpüklənmiş qıpqırmızı ağızlarını geniş açır, gözləri hədəqədən çıxırdı.

– Baxın! Baxın! Prosperodur! – deyə doktor qışqırdı.

Silahqayıran Prosperonu kəməndlə dartırdılar. O yeriyir, yıxılır və yenidən qalxırdı. Onun kürən saçları bir-birinə dolaşmış, çöhrəsi qana bulaşmış və boynuna yoğun kəmənd salınmışdı.

– Prosperodur! O əsir düşüb! – deyə doktor qışqırdı.

Bu vaxt mərmi camaşırxanaya düşdü. Qüllə əyildi, yelləndi, bircə saniyə yanakı vəziyyətdə dayandı və uçdu. Doktor kəlləmayallaq oldu, ikinci ayaqqabısının dabanını, əsasını, çamadanını və eynəyini itirdi.




II fəsil

ON EDAM KÖTÜYÜ


Doktorun yıxılması çox uğurlu oldu: onun başı əzilmədi, ayaqları da sınmadı. Amma bunun nə mənası var? Top mərmisi dağıtmış qüllədən uğurla da olsa yıxılmaq elə də xoşagələn hal deyil, üstəlik də cavan yox, doktor Qaspar Arneri kimi qoca adam üçün. Nə təhər olsa da, vahimədən doktor huşunu itirmişdi.

O özünə gələndə artıq axşam düşmüşdü. Doktor ətrafa baxdı.

– Belə dilxorçuluq olar! Əlbəttə ki eynəyim sınıb. Mən eynəksiz baxanda, yəqin ki, uzağı görməyən adam kimi görəcəyəm. Bu elə də xoşagələn hal deyil.

Sonra o, ayaqqabısının qopmuş dabanını yadına salıb deyinməyə başladı:

– Mənim boyum onsuz da hündür deyil, indi isə bir qarış da balaca olacağam. Ya da, ola bilər, ikicə qarış olsun, ona görə ki dabanımın ikisi də qopub. Yox, əlbəttə, bircə qarış olar…

O, çınqıl qalağının üstündə uzanmışdı. Demək olar ki, bütün qüllə dağılmışdı. Divarın uzun və ensiz qırıqları sümük kimi sallanırdı. Çox uzaqda musiqi çalınırdı. Külək oynaq valsın səsini havaya qaldırır, yoxa çıxardır və bir daha eşidilmirdi. Doktor başını qaldırdı. Yuxarıda hər tərəfdən sınıq çatılar sallanıb qalmışdı. Axşamüstü yaşılaçalan səmada ulduzlar sayrışırdı.

– Harada çalırlar ki? – deyə doktor heyrətləndi.

Plaşsız ona soyuq idi. Meydanda bircə səs də eşidilmirdi. Doktor nıqqıldayaraq bir-birinin üstünə aşmış daşların arasından qalxdı. Yolda kiminsə yekə çəkməsinə ilişdi. Çilingər yerdəki tirlərin arasında sərələnib gözlərini səmaya dikmişdi. Doktor onu silkələdi. O, yerindən qalxmaq istəmədi. Çilingər ölmüşdü.

Doktor əlini qaldırıb şlyapasını başından götürmək istədi.

– Şlyapanı da itirmişəm. İndi mən hara gedim?

O, meydandan uzaqlaşdı. Yollarda adamlar yıxılıb qalmışdı, doktor onların hər birinin başı üzərində aşağı əyildi və ulduzların onların açılı qalmış bəbəklərində necə əks olunduğunu gördü. O, ovcunu onların alnına qoydu, bumbuz idilər və zil qaranlıqda qapqara görünən qana bələnmişdilər.

– Budur! Budur! – doktor pıçıldadı. – Deməli, xalq məğlub oldu… İndi nə olacaq?

O, yarım saatdan sonra camaatın olduğu yerə çatdı. Bərk yorulmuşdu. Yemək və içmək istəyirdi. Burada şəhər adi həyatını yaşayırdı.

Doktor uzun yol gedəndən sonra yolayrıcında dayanıb fikirləşdi: “Necə də qəribədir! Alovlar rəngbərəng yanır, faytonlar çaparaq gedir, şüşə qapılar cingildəyir. Yarıdəyirmi pəncərə qızılı şəfəqlə nur saçır. Oradakı sütunlar boyunca qoşa rəqs edənlər gözə dəyir. Orada şən ziyafətdir. Rəngarəng Çin fənərləri qaramtıl suyun üzərində dolanır. Adamlar elə dünənki kimi həyat sürürlər. Yəni onlar bilmirlər ki, bu səhər nə hadisə baş verib? Məgər onlar atəş və inilti səslərini eşitməyiblər? Məgər onlar bilmirlər ki, xalqın rəhbərini, silahqayıran Prosperonu əsir götürüblər? Bəlkə, heç nə olmayıb? Ola bilsin, dəhşətli bir yuxu görmüşəm?”

Tində üçqollu fənərlər yanan yerdə, səki boyunca faytonlar dayanmışdı. Gülsatan qadınlar qızılgül satırdılar. Faytonçular gülsatan qadınlarla söhbət edirdilər.

– Onu kəməndə salıb bütün şəhər boyu sürüdülər. Zavallı!

– İndi onu dəmir qəfəsə salıblar. Qəfəs isə Üç Gonbul sarayındadır, – başına bantlı mavi silindr qoymuş tosqun faytonçu dedi.

Bu vaxt bir xanım qızı ilə gülsatan qadınlara yanaşdı ki, qızılgül alsın.

– Kimi qəfəsə salıblar ki? – deyə o maraqlandı.

– Silahqayıran Prosperonu. Qvardiyaçılar onu əsir götürdülər.

– Allaha şükür! – xanım dedi.

Qız ağlamağa başladı.

– Niyə ağlayırsan, axmaq? – xanım təəccübləndi. – Sənin silahqayıran Prosperoya yazığın gəlir? Ona yazığın gəlməsin. O bizə pislik eləmək istəyib. Bax gör necə gözəl qızılgüldür…

İri qızılgüllər acıtəhər su ilə və yarpaqlarla ağzınacan dolu olan kasalarda qu quşu kimi aramla üzürdü.

– Bu da sənə üç qızılgül. Ağlamaqsa lazım deyil. Onlar qiyamçılardır. Əgər onları dəmir qəfəslərə salmasalar, bizim evimizi, paltarlarımızı və qızılgüllərimizi əlimizdən alacaqlar, özümüzü də doğrayacaqlar.

Bu vaxt onların yanından balaca bir oğlan uşağı qaçaraq keçdi. Əvvəlcə xanımın ulduzlu plaşından, sonra qızın hörüyündən dartdı.

– Eybi yoxdur, qrafinya! – deyə oğlan qışqırdı. – Silahqayıran Prospero qəfəsdə olsa da, gimnast Tibul azadlıqdadır!

– Ah, sırtığın biri!

Xanım ayaqlarını yerə vurdu və çantası yerə düşdü. Gülsatan qadınlar cingiltili səslə gülüşdülər. Tosqun faytonçu aranın qarışmasından istifadə edib xanıma faytona minməyi təklif elədi. Xanım və qızı faytona minib getdilər.

– Ey, dingiş, bir dayan! – gülsatan qadın oğlanın dalınca qışqırdı. – Bir bura gəl! Danış görüm, nə bilirsən.

İki sürücü qozladan düşdü və ayaqları çiyinlərinə saldığı örtüyə ilişə-ilişə gülsatan qadına yanaşdı.

“Bax qamçı buna deyərəm! Qamçı belə olar!” – deyə oğlan sürücünün əlində yellədiyi uzun qamçıya baxıb fikirləşdi. Oğlan çox istəyirdi ki, onun da belə qamçısı olsun, lakin bu bir çox səbəblərə görə mümkün deyildi.

– Sən nə danışırsan? – sürücü yoğun səslə soruşdu. – Gimnast Tibul azadlıqdadı?

– Belə deyirlər. Mən limanda idim…

– Məgər onu qvardiyaçılar öldürmədilər? – başqa sürücü də yoğun səslə soruşdu.

– Yox, atacan… Ay gözəl, mənə bircə dənə qızılgül bağışla da!

– Bir dayan, səfeh. Yaxşı olar ki, danışasan…

– Deməli, belədir… Əvvəlcə hamı elə fikirləşirdi ki, onu öldürüblər. Sonra onu meyitlərin arasından tapmadılar.

– Bəlkə, onu kanala atıblar? – sürücü soruşdu.

Söhbətə dilənçi qoşuldu.

– Kimi kanala atıblar? – deyə soruşdu. – Gimnast Tibul pişik deyil ki, onu suda boğasan. Gimnast Tibul sağdır. O qaçıb aradan çıxıb!

– Yalan deyirsən, dəvənin biri dəvə! – sürücü dedi.

– Gimnast Tibul sağdır! – gülsatanlar şövqlə qışqırdılar.

Balaca oğlan dartıb bir qızılgül götürdü və qaçmağa üz qoydu. Yaş gülün damcıları doktorun üzünə çiləndi. Doktor damcını acı göz yaşları kimi üzündən sildi və yaxına gəldi ki, görsün dilənçi nə danışacaq.

Söhbət bəzi səbəblərdən yarımçıq qaldı. Küçədə qeyri-adi təntənəli mərasim göründü. Qabaqda əllərində məşəl iki atlı gəlirdi. Məşəllər odlu şölələrlə yanırdı. Dalınca qara gerbli karet asta-asta hərəkət edirdi.

Arxada isə dülgərlər gəlirdi. Onlar yüz nəfər olardı.

Dülgərlər qolları çırmanmış halda, əyinlərində önlük, əllərində mişar və rəndə, qoltuqlarında yeşik işləməyə hazır idilər. Təntənəli mərasimin hər iki tərəfində atlı qvardiyaçılar gəlirdi. Onlar şahə qalxmaq istəyən atları saxlamağa çalışırdılar.

– Bu nədir? Bu nədir? – deyə yoldan keçənlər narahat oldular.

Gerbli qara karetdə Üç Gonbul Şurasının məmuru oturmuşdu. Gülsatan qadınlar bərk qorxdular. Yanaqlarını ovuclarına alıb onun şüşə qapıdan görünən başına baxırdılar. Küçə parlaq işıqla işıqlandırılmışdı. Parik qoyulmuş qara baş cansız halda yırğalanırdı. Elə bil karetdəki quş idi.

– Kənara çəkilin! – qvardiyaçılar qışqırdılar.

– Dülgərlər hara gedirlər? – balaca gülsatan qız qvardiyaçıların başçısından soruşdu.

Qvardiyaçı elə sifətlə onun üstünə qışqırdı ki, qızın başındakı tükləri biz-biz oldu:

– Dülgərlər edam kötüyü düzəltməyə gedirlər! Başa düşdün? On dənə edam kötüyü düzəldəcəklər!

– Hə!

Gülsatan qız kasanı əlindən saldı. Qızılgüllər kompot kimi yerə dağıldı.

– Onlar edam kötüyü düzəltməyə gedirlər! – deyə doktor dəhşətə gəlmiş halda təkrar elədi.

– Edam kötüyü! – qvardiyaçı qışqıraraq geriyə dönüb çəkməyə bənzər bığlarının altındakı dişlərini qıcadı. – Bütün qiyamçılarçün edam kötüyü! Hamısının boynu vurulacaq! Kim ki Üç Gonbul hakimiyyətinə qarşı çıxmağa cəsarət edəcəksə, hamısının!

Doktorun başı gicəlləndi. Ona elə gəldi ki, özündən gedəcək.

“Bu gün həddən artıq həyəcan keçirdim, – doktor öz-özünə dedi, – həm də acam, bərk yorulmuşam. Evə tələsmək lazımdır”.

Doğrudan da, doktora dincəlmək lazım idi; gördüyü və eşitdiyi bütün hadisələrdən elə həyəcanlanmışdı ki, hətta qüllədən aşağı uçaraq şlyapasını, plaşını, əlağacını və ayaqqabılarının dabanını itirdiyinə o qədər də əhəmiyyət vermədi. Əlbəttə, ən pisi də o idi ki, eynəksiz qalmışdı.

O, fayton tutub evinə yollandı.




III fəsil

ULDUZ MEYDANI


Doktor evinə qayıdırdı. O, faytonla salonlardan da daha parlaq işıqlandırılmış, asfalt döşənmiş geniş küçələrdən keçir, yan-yana zəncirvarı sıralanmış fənərlərin işıqları onun başı üzərində səmaya qalxırdı. İçərisinə ağappaq qaynar süd doldurulmuş şarlara bənzəyən fənərlərin ətrafında mığmığalar vızıldaşır və yanaraq yerə tökülürdülər. O, sahil küçəsi ilə, daş hasarların boyunca gedirdi. Orada bürünc şirlər pəncələrində qalxan tutmuş, uzun dillərini bayıra çıxarmışdı. Aşağıda aramla qatran kimi qapqara və parıltılı gur su axıb gedirdi. Şəhərin əksi başı üstə suya düşür, suya qərq olunmuş kimi görünür, üzmək istəyir, amma üzə bilmir, yalnız zərif qızılı ləkələrə çevrilirdi. O, tağ şəklində əyilmiş körpülərin üstündən keçirdi. Aşağıdan, ya da o biri sahildən uzanan körpülər sıçrayışdan qabaq dəmir belini əymiş pişiklərə bənzəyirdi. Buradakı hər körpünün başında keşikçilər dayanmışdı. Əsgərlər təbillərin üstündə oturub qəlyan çəkir, kart oynayır və ulduzlara baxa-baxa əsnəyirdilər.

Doktor faytonda gedir, oyan-buyana baxır və dinləyirdi. Küçələrdən, evlərdən və meyxanaların açılı qalmış pəncərələrindən, hasarın o tayındakı könülaçan bağlardan gələn mahnıların sözləri eşidilirdi:

Prospero düşdü hədəfə,
Bir dəfə yox, neçə dəfə.
Oturub dəmir qəfəsdə,
Ola bilməz son nəfəsdə.

Qəşəng geyimli kefli adam bu bəndi göydə tutdu. Onun xeyli pulu, üzündə bu puldan da çox çılləri olan və heç bir qohum-əqrəbası olmayan xalası ölmüşdü. Xalasının bütün pulları qəşəng geyimli bu adama miras qalmışdı. Əlbəttə, ona görə də xalqın varlıların hakimiyyətinə qarşı çıxmasından narazı idi.

Heyvanxanada böyük tamaşa gedirdi. Taxta səhnədə tüklü üç gonbul meymun Üç Gonbulun təqlidini çıxarırdı. Foksteryer[1 - Foksteryer – ov iti cinsi] mandalinada çalırdı. Kürəyində qızılı günəş və qarnında qızılı ay təsviri olan moruq rəngində kostyum geymiş kloun musiqinin ritmi ilə şeir deyirdi:

Buğda kisəsitək yerə
Düşüb gonbul üç heyvərə.
Yoxdur özgə qayğıları,
Təki şişsin qarınları!
Ey, qoruyun özünüzü,
Sonu çatıb ömrünüzün!

– Sonu çatıb ömrünüzün! – deyə saqqallı tutuquşular hər tərəfdən qışqırdılar.

Bir səs-küy qalxdı ki, gəl görəsən. Müxtəlif qəfəslərdəki heyvanlar hürməyə, nərildəməyə, dişlərini şaqqıldatmağa, fit çalmağa başladılar.

Meymunlar səhnədə özlərini ora-bura vurdular. Əl-ayaqlarının harada olduğundan baş açmaq olmurdu. Onlar özlərini tamaşaçıların üstünə atıb aradan çıxmaq istədilər. Tamaşaçıların arasına da çaxnaşma düşdü. Xüsusən də kök olanlar səs-küy salmışdılar. Gonbullar sir-sifətləri qızarmış halda qəzəbindən titrəyir, klouna şlyapalarını və durbinlərini atırdılar. Tosqun xanım çətirlə qolaylandı və kök qadına ilişdirib onun şlyapasını başından yerə saldı.

– Ah, ah, ah! – qonşu qadın toyuq kimi qaqqıldadı və əllərini yuxarı qaldırdı, çünki şlyapası ilə birgə pariki də düşmüşdü.

Aradan çıxmağa çalışan meymun xanımın başına bir qapaz ilişdirdi. Qonşu qadının ürəyi getdi.

– Ha-ha-ha!

– Ha-ha-ha! – tamaşaçıların digər hissəsi, arıq görkəmli və pis geyinmişlər uğuldadılar. – Afərin! Afərin! Rədd olsunlar! Rədd olsun Üç Gonbul! Yaşasın Prospero! Yaşasın Tibul! Yaşasın xalq!

Bu vaxt kiminsə olduqca bərk qışqırığı eşidildi:

– Yanğındır! Şəhər yanır…

Adamlar bir-birini basaraq skamyaları aşırdılar və çıxış qapısına doğru yüyürdülər. Qarovulçular qaçan meymunları tuturdular. Doktoru aparan faytonçu geriyə dönüb əlindəki qamçı ilə irəlini göstərdi:

– Qvardiyaçılar fəhlələrin məhəlləsini yandırırlar. Onlar gimnast Tibulu axtarıb tapmaq istəyirlər…

Şəhərin, qaralan bir yığın evin üzərində çəhrayı şəfəq titrəyirdi.

Doktorun faytonu şəhərin Ulduz adlanan əsas meydanına çatanda irəli getmək mümkün olmadı. Meydanın girişinə xeyli minik, karet, süvari, piyada toplanmışdı.

– Nə olub ki?

Heç kimdən səs çıxmadı, çünki hamının başı meydanda baş verən hadisələrə qarışmışdı. Faytonçu qozladan qalxıb ora baxmağa başladı.

Bu meydana ona görə Ulduz meydanı deyirdilər ki, o, eyni hündürlükdə və formada olan nəhəng evlərlə əhatə olunmuşdu və üstü şüşə günbəzlə örtülmüşdü, bu isə onu həddindən artıq böyük sirkə bənzədirdi. Günbəzin ortasında, hündür bir yerdə dünyanın ən böyük fənəri yanırdı. Bu, iriliyinə görə heyrətamiz bir şar idi. Dəmir halqalarla əhatə olunmuş və yoğun burazlardan asılmış bu şar Saturn planetini xatırladırdı. Onun işığı elə ecazkar idi ki, dünyada heç bir işığa bənzəmədiyinə görə camaat bu fənərə gözəl bir ad – Ulduz adı vermişdi. Bütün meydanı elə bu cür adlandırırdılar.

Nə meydanda, nə evlərdə, nə də yaxınlıqdakı küçələrdə başqa işığa ehtiyac qalırdı. Ulduz bütün dalanları, künc-bucağı, meydanı daş halqa kimi əhatə edən bütün evlərdəki kiçicik anbarları belə işıqlandırırdı. Camaat burada çıraqsız və şamsız da keçinirdi.

Faytonçu karet, fayton və sürücülərin dərman şüşəsinə bənzəyən silindrləri üzərindən tamaşa edirdi.

– Siz nə görürsünüz? Orada nə baş verir? – doktor faytonçunun arxasından baxıb narahat oldu. Boyu balaca olan doktor heç nə görə bilmirdi, həm də uzağı pis görürdü.

Faytonçu gördüklərini ona deyirdi.

Baxın o nə görürdü.

Meydanda yaman həyəcan vardı. Adamlar əl içi kimi dairəvi nəhəng rəngbərəng genişliyə səpələnərək qaçırdılar. Adama elə gəlirdi ki, meydanın dairəvi sahəsi fırlanğıc kimi fırlanır. Adamlar yuxarıda nələr baş verdiyini görmək üçün bir yerdən o biri yerə gillənirdilər.

Son dərəcə böyük olan fənər yüksəkdə işıq saçır, günəş kimi gözləri qamaşdırırdı. Adamlar başlarını yuxarı qaldırır və əlləri ilə gözlərini qapayırdılar.

– Bu odur! Bu odur! – qışqırıqlar eşidildi.

– Odur, baxın! Ordadır!

– Hanı? Hanı?

– Yuxarı bax!

– Tibul! Tibul!

Yüzlərlə şəhadət barmağı sola tərəf uzandı. Orada adi ev dururdu. Lakin altı mərtəbənin bütün pəncərələri açıq idi. Hər pəncərədən başlar sallanmışdı. Onlar görünüşlərinə görə müxtəlif idi: bəziləri qotazlı gecə papağında idi, bəziləri neft rəngində olan saçını burub çəhrayı ləçəklə örtmüşdü. O biriləri başına üçkünc ləçək bağlamışdı. Yuxarı mərtəbələrdə yoxsul cavanların – şairlərin, rəssamlarin, aktrisaların yaşadıqları mənzillərin pəncərələrindən tütün tüstüsünə bürünmüş bığsız çöhrələr, qızılı saçları bərq vuran qadınlar boylanırdılar, elə bil onların çiynində qanadlar çıxmışdı. Açılan məhəccərli pəncərələrindən quş başı kimi rəngbərəng başlar çıxmış bu ev sanki içi payızbülbülləri ilə dolu olan böyük qəfəsə bənzəyirdi. Baş sahibləri damda nələr olduğundan xəbər tutmaq, bu mühüm hadisəni görmək istəyirdilər. Adam güzgüsüz öz qulaqlarını görə bilmədiyi kimi, bu da mümkün olan şey deyildi. Evlərindən öz damlarını görmək istəyənlər üçün bu güzgü vəzifəsini özündən çıxıb meydana yığışan izdiham görürdü. İzdiham hər şeyi görürdü, qışqırırdı, əllərini, qollarını oynadırdı, bəziləri buna heyran olduqlarını bildirirdilər, bəziləri isə qəzəblənirdilər.

Damda balaca bir adam hərəkət edirdi. O, asta-asta, ehtiyatla və inamla yuxarısı üçkünc olan evdən üzüaşağı düşürdü. Dəmirlər onun ayaqları altında cingildəyirdi.

O, müvazinətini itirməmək üçün sirkdəki kəndirbaz sarı Çin çətirini yellətdiyi kimi plaşını yellədirdi.

Bu, gimnast Tibul idi.

Camaat qışqırdı:

– Afərin, Tibul! Afərin, Tibul!

– Möhkəm dayan! Yadına yarmarkada kəndir üzərində necə yeridiyini sal.

– O yıxılan deyil! O bu ölkədə ən yaxşı gimnastdır…

– Birinci dəfə deyil ki. Biz onun kəndir üzərində necə məharətlə yeridiyinin şahidiyik…

– Afərin, Tibul!

– Qaç, canını qurtar! Prosperonu azad elə!

Başqaları isə özündən çıxırdılar. Onlar yumruqlarını silkələyirdilər:

– Heç yerə qaça bilməyəcəksən, zavallı oyunbaz!

– Fırıldaqçının biri!

– Qiyamçı! Səni dovşan kimi ovlayacaqlar…

– Bir dayan! Səni bu damdan düz edam kötüyünə çəkib aparacağıq. Sabah onacan edam kötüyü hazır olacaq!

Tibul isə dəhşətli yoluna davam edirdi.

– O haradan çıxdı? – camaat soruşdu. – Bu meydana haradan gəlib çıxdı? Evin damına necə düşüb?

– O, qvardiyaçıların əlindən qaçıb qurtulub, – deyə başqaları cavab verdi. – O qaçıb yoxa çıxıb, sonra onu şəhərin müxtəlif yerlərində görüblər – damların üstü ilə gəlib bura çıxıb. O, pişik kimi çevikdir. Sənəti onun dadına çatır. Onun şöhrəti nahaq yerə bütün ölkəyə yayılmayıb ki.

Meydanda qvardiyaçılar göründülər. Səfillər özlərini yan küçələrə saldılar. Tibul maneəni aşıb pərvazın üstündə dayandı. O, plaş doladığı əlini irəli uzatdı. Yaşıl plaş bayraq kimi havada yelləndi.

Adamlar onu yarmarka vaxtı tamaşalarda və bazar günü gəzintilərində sarı və qara üçbucaq şəkilli parçalardan tikilmiş bu plaşda və idman paltarında görməyə adət eləmişdilər.

İndi isə şüşə qübbə altında o, evin ağ divarlarında sürünən balaca, nazik və zolaqlı arıya bənzəyirdi. Plaşa hava dolanda sanki arı öz parıltılı yaşıl qanadlarını açırdı.

– İndicə təpən üstə yerə gələcəksən, meydan hoqqabazı! Bu saat səni güllələyəcəklər! – çillisifət xalasının var-dövlətinə sahib olmuş, dəblə geyinmiş kefli adam qışqırdı.

Qvardiyaçılar özlərinə rahat yer seçdilər. Zabit təşviş içində ora-bura qaçırdı. O, bir əlində tapança tutmuşdu. Onun çəkmələrinin mahmızları xizək tayı kimi uzun idi.

Araya tam sakitlik çökdü. Doktor əlini ürəyinin üstünə qoydu: onun qəlbi qaynayan sudakı yumurta kimi atılıb-düşürdü.

Tibul bir anlığa pərvazın üstündə ayaq saxladı. O, meydanın əks tərəfinə keçmək istəyirdi. Belə olanda Tibul Ulduz meydanından fəhlə məhəlləsinə sarı qaça bilərdi.

Zabit meydandakı sarı və göy rəngə çalan gül ləklərinin ortasında dayanmışdı. Burada hovuz vardı və girdə daş fincandan su fəvvarə vururdu.

– Dayanın, – zabit əsgərlərə dedi, – mən özüm onu güllələyəcəyəm. Mən alayın ən yaxşı nişançısıyam. Öyrənin, görün necə atəş açmaq lazımdır.

Doqquz evin dörd bir tərəfindən qübbənin ortasına, Ulduz meydanına doğru doqquz polad buraz uzanırdı və bunlar dəniz burazına bənzəyən qalın məftillər idi.

Sanki fənərdən, alışıb-yanan bu möhtəşəm Ulduzdan meydanın üzərinə doqquz uzun qara şüa yayılırdı.

Bu dəqiqələrdə Tibulun nə düşündüyü məlum deyildi. Amma güman var ki, belə düşünürdü: “Mən bu məftillərlə yarmarkada kəndir üzərindən keçdiyim kimi meydandan da keçərəm, yıxılmaram. Bir məftil fənərə kimi, o biri məftil isə fənərdən əks tərəfdəki evə doğru uzanır. Hər iki məftilin üzərindən keçməklə əks tərəfdəki evin damına çıxıb xilas ola bilərəm”.

Zabit tapançasını qaldırdı və nişan almağa başladı. Tibul pərvazın məftil uzanan yerinə çatdı və divardan aralanaraq məftilin üzəri ilə yeriməyə başladı.

İzdiham içini çəkdi.

O gah yavaş gedir, gah da birdən qaçmağa başlayır, ayağının birini götürüb o birini qoyur, əllərini yana açaraq tələsik yeriyirdi. Adama elə gəlirdi ki, bu saatca yıxılacaq. İndi onun kölgəsi divara düşürdü. O, fənərə yaxınlaşdıqca kölgəsi divardan lap aşağı düşür, böyüyür və solğun görünürdü. Aşağı uçurum idi.








O, fənərə gedən yolun yarısına çatmışdı ki, sakitlikdə zabitin səsi eşidildi:

– İndi atəş açacağam. O, ordan düz hovuza düşəcək. Bir, iki, üç.

Atəş gurladı.

Tibul yoluna davam edirdi, zabit isə nədənsə, düz hovuza yıxıldı. O öldürülmüşdü.

Qvardiyaçılardan biri əlində lüləsindən mavi tüstü çıxan tapança tutmuşdu. O, zabiti güllələmişdi.

– İtin biri it! – qvardiyaçı dedi. – Sən xalqın dostunu öldürmək istəyirdin. Mən buna imkan vermədim. Yaşasın xalq!

– Yaşasın xalq! – deyə başqa qvardiyaçılar da onun səsinə səs verdilər.

– Yaşasın Üç Gonbul! – deyə onların rəqibləri qışqırdılar.

Onlar dörd bir yana səpələnib məftilin üstü ilə yeriyən adamı atəşə tutdular.

Onun fənərə çatmağına ikicə addım qalmışdı. Tibul plaşını yellədərək gözləri qamaşmasın deyə parlaq işıqdan qorunurdu. Güllələr onun yanından ötüb-keçirdi. İzdiham sevincindən uğuldayırdı.

Part! Part!

– Yan keçdi!

– Ura! Dəymədi!

Tibul fənəri əhatə edən halqaya çatdı.

– Eybi yoxdur! – qvardiyaçılaq qışqırırdılar. – O biri tərəfə keçəcək… O, başqa məftilin üstü ilə gedəcək. Biz onu orada aradan götürərik!

Burada heç kimin gözləmədiyi bir hadisə baş verdi. Fənərin işığında qapqara görünən zolaqlı paltar geyinmiş adam dəmir halqanın üstündə oturdu və hansı bir lingisə burdu, nəsə çıqqıldadı və fənər bir anlığa söndü.

Heç kim söz deməyə macal tapmadı. Ətrafa sandığın içindəki kimi dəhşətli qaranlıq və sakitlik çökdü.

Sonrakı dəqiqələrdə lap yuxarıda yenə nəsə şaqqıldadı və cingildədi. Qaranlıq qübbədə solğun bir kvadrat açıldı. Hamı səmanın iki kiçicik ulduz olan parçasını gördü. Sonra bu kvadrata səmanın fonunda qara bir fiqur girdi və kiminsə şüşə qübbədə yüyürərək qaçdığı eşidildi.

Gimnast Tibul Ulduz meydanındakı lükdən keçib canını qurtardı.

Atlar güllə səsindən və qaranlıqdan ürkdülər.

Doktorun getdiyi fayton az qala çevrilmişdi. Sürücü atların başını birdən döndərib doktoru dolama yolla apardı.

Beləliklə, doktor Qaspar Arneri qeyri-adi keçən bir gün və bir gecədən sonra, nəhayət ki, evinə döndü. Təsərrüfat müdirəsi Qanimed xala onu artırmada qarşıladı. Qadın çox narahat olmuşdu. Doğrudan da, doktor çoxdandı ki, evdən çıxmışdı! Qanimed xala əlini əlinə vurub ah-uf elədi və başını buladı.

– Hanı sizin eynəyiniz? Sındırdınız onu? Ah, doktor, doktor! Bəs plaşınız hanı? Siz onu itirmisiniz? Ah, ah!..

– Qanimed xala, mən hələ çəkməmin iki dabanını da itirmişəm…

– Ah, bədbəxtliyə bir bax!

– Bu gün daha ağır bədbəxtlik oldu, Qanimed xala, silahqayıran Prospero əsir düşdü. Onu dəmir qəfəsə saldılar.

Qanimed xalanın gündüzkü hadisələrdən xəbəri yox idi. O, top səslərini eşitmişdi, evlərin üzərindəki qızartıları görmüşdü. Qonşu qadın ona danışmışdı ki, Məhkəmə meydanında yüzəcən xarrat qiyamçılardan ötrü edam kötükləri düzəldir.

– Mən olduqca dəhşətə gəlmişdim. Pəncərəni örtdüm, qərara aldım ki, evdən bayıra çıxmayım. Mən hər dəqiqə sizi gözləmişəm. Çox həyəcan keçirirdim. Nahar yeməyi soyudu, şam yeməyi buza döndü, sizsə gəlib çıxmırsınız…

Səhər açılırdı. Doktor yatmağa hazırlaşdı.

Onun öyrəndiyi yüzəcən elmdən biri də tarix idi. Onun dəri cildli böyük bir kitabı vardı və mühüm hadisələr barəsində öz fikirlərini bura qeyd edirdi.

– Səliqəli olmaq lazımdır, – deyə doktor barmağını yuxarı qovzadı.

Yorğun olmasına baxmayaraq, doktor öz dəri cildli kitabını götürüb masanın arxasında oturdu və yazmağa başladı: “Sənətkarlar, qazmaçılar, dənizçılər – şəhərin bütün yoxsul adamları Üç Gonbul hakimiyyətinə qarşı ayağa qalxdılar. Qvardiyaçılar qalib gəldilər. Silahqayıran Prospero əsir alındı, amma gimnast Tibul isə aradan çıxdı. İndicə Ulduz meydanında bir qvardiyaçı öz zabitini güllələdi. Bu isə o deməkdir ki, tezliklə bütün əsgərlər xalqa qarşı vuruşmaqdan və Üç Gonbulu müdafiə etməkdən boyun qaçıracaqlar. Buna baxmayaraq Tibulun aqibətindən ehtiyatlanıram…”

Bu vaxt doktor arxada səc-küy eşitdi. Dönüb geriyə baxdı. Arxada divar sobası idi. Sobadan yaşıl plaşlı ucaboy bir adam çıxdı. Bu, gimnast Tibul idi.




İkinci hissə

VƏLİƏHD TUTTİNİN KUKLASI





IV fəsil

ŞARSATANIN QƏRİBƏ MACƏRALARI


Sonrakı gün Məhkəmə meydanında qızğın iş gedirdi. Dülgərlər artıq on dənə edam kötüyü düzəltmişdilər. Qvardiyaçıların keşikçisi işə nəzarət edirdi. Dülgərlər işi həvəssiz yerinə yetirirdilər.

– Biz sənətkarlar və qazmaçılar üçün edam kötüyü düzəltmək istəmirik! – onlar qəzəblə deyirdilər.

– Onlar bizim qardaşlarımızdır.

– Onlar bizim kimi zəhmət adamlarını azad eləmək üçün ölümə getdilər.

– Səsinizi kəsin! – deyə mühafizə dəstəsinin rəisi elə dəhşətlə bağırdı ki, tikili üçün hazırlanmış buradakı taxtalar dağıldı. – Səsinizi kəsin, yoxsa əmr edərəm sizi qamçılayarlar!

Səhər tezdən müxtəlif tərəflərdən gələn camaat Məhkəmə meydanına yığışmağa başladı.

Güclü külək əsir, tozu havaya sovurur, lövhələri yellədir və cırıldadır, şlyapaları başlardan alıb atıla-atıla gedən faytonların təkərləri altına atırdı.

Bir yerdə küləyin əsməsindən tamamilə qeyri-adi bir hadisə baş verdi: uşaq şarları satan şarlarla birgə havaya qalxdı.

– Ura! Ura! – deyə uşaqlar bu fantastik uçuşu müşahidə edərək qışqırışdılar.

Onlar əl çalırdılar: əvvəla, tamaşa öz-özlüyündə çox maraqlı idi, ikincisi, şarsatanın xoşagəlməz uçuşu uşaqların xoşuna gəlmişdi. Uşaqların bu şarsatana həmişə paxıllıqları tuturdu. Paxıllıq isə yaxşı şey deyil. Amma nə etmək olar! Qırmızı, göy, sarı şarlar olduqca gözəl idi. Uşaqların hamısı istəyirdi ki, onların da belə gözəl şarları olsun. Satıcının isə xeyli belə şarı vardı. Lakin möcüzə baş vermirdi! Şarsatan indiyəcən nə sözəbaxan bir oğlana, nə də diqqətcil bir qıza şar bağışlamışdı: nə qırmızısından, nə göyündən, nə də sarısından.

İndi isə tale bu daşürəkliliyin əvəzini çıxaraq onun cəzasını verirdi. O bağladığı şarların ipindən sallanaraq şəhərin üzəri ilə uçurdu. Sonsuz göyümtül səmada bərq vuran bu şarlar rəngarəng sehrli üzüm salxımına bənzəyirdi.

Şarsatanın heç nəyə ümidi gəlməsə də, ayaqlarını havada yellədərək qışqırırdı:

– Kömək edin!

Onun ayaqlarında samandan toxunmuş, ayağına çox böyük olan başmaqlar vardı. Yerdə yeriyəndə hər şey qaydasında olurdu. Başmaqlar ayaqlarından çıxmasın deyə səkidə ayaqlarını sürüyə-sürüyə yeriyirdi. İndi isə havaya qalxdığına görə artıq bu fəndgirliyə əl ata bilmirdi.

– Səni lənətə gələsən!

Külək bir yığın şarı qıvrıldaraq və cırıldadaraq ağzına alıb aparırdı.

Axır ki, başmaqların biri ayağından çıxdı.

Aşağıda qaçışan uşaqlar qışqırırdılar:

– Ora baxın! Çin qozu! Çin qozu!








Doğrudan da, aşağıya düşən başmaq lap Çin qozunu xatırladırdı.

Bu vaxt küçədən rəqs müəllimi keçirdi. O, olduqca yaraşıqlı görünürdü. Boyu uzun idi, balaca girdə başı, nazik qılçaları vardı; ya skripkaya, ya da cırcıramaya bənzəyirdi. Onun qulağı fleytanın ələmli səsinə və rəqqasların incə səsli danışığına vərdiş elədiyinə görə həyət uşaqlarının bərk hay-küyünə və şən qışqırtılarına dözə bilmədi.

– Bəsdir qışqırdınız! – deyə o hirsləndi. – Məgər belə də qışqırmaq olar! Valehedici, gözəl, melodik ifadələrlə danışmaq lazımdır… Bax, məsələn…

O, duruş vəziyyəti aldı, lakin nümunə göstərə bilmədi. Başqa rəqs müəllimləri kimi o da, əsasən, aşağı, ayaqlarına baxmağa alışmışdı! Amma heyif! Onun yuxarıda olanlardan xəbəri yox idi.

Şarsatanın başmağı düz onun təpəsinə düşdü. Onun başı balaca olduğuna görə iri saman başmaq şlyapa kimi onun başına keçdi.

Belə olanda şıq geyimli rəqs müəllimi tənbəl öküzü haylayan çodar kimi bağırdı.

Başmaq onun sifətinin bir tərəfini tutmuşdu.

Uşaqlar qarınlarını tutub uğundular:

– Ha-ha-ha! Ha-ha-ha!

Rəqs müəllimi Razdvatris
Aşağı baxırdı sözsüz.
Siçovultək ciyildədi,
Onun burnu nə uzundu;
Budur Razdvatrisin burnu,
Saman başmaq keçdi ona!

Hasarın üstündə oturub mahnı oxuyan oğlanlar hər an o biri tərəfə atılıb aradan çıxa bilərdilər.

Rəqs müəllimi inildəyirdi:

– Ah! Mən necə də əzab içindəyəm! Heç olmasa, bal ayaqqabısı düşəydi, yoxsa bu cür iyrənc, kobud ayaqqabı!

Məsələ rəqs müəlliminin həbs olunması ilə nəticələndi.

Ona dedilər:

– Əzizim, sizin zahiri görkəminiz adamı dəhşətə salır. Siz ictimai asayişi pozursunuz. Ümumiyyətlə, siz bunu etməməliydiniz, özü də belə bir həyəcanlı vaxtda.

Rəqs müəllimi əllərini dik tutaraq hönkürdü:

– Belə də yalan olar! Bu iftiradır! Mənim günüm valslar və təbəssümlər arasında keçir. Görkəmi skripka açarına bənzəyən bir adam ictimai asayişi necə poza bilər? Oh! Oh!

Rəqs müəlliminin axırı necə oldu, bunu bilən olmadı. Bir də ki bu o qədər də maraqlı deyil. Şarlarla uçan satıcı barəsində bilmək isə daha maraqlıdır.

O, yaxşı bir zəncirotu kimi havada uçurdu. Satıcı fəryad qoparırdı:

– Bu biabırçılıqdır! Mən uçmaq istəmirəm. Mən, sadəcə, uçmağı bacarmıram…

Bütün bunların faydası yox idi. Külək şiddətlənirdi. Şar topası daha da yüksəklərə qalxırdı. Külək onu şəhərdən kənara – Üç Gonbulun sarayına sarı qovurdu.

Şarsatan hərdən aşağıya baxa bilirdi. Baxanda evlərin damını, çirkli dırnağa bənzəyən kirəmitləri, məhəllələri, ensiz mavi suları, koppuş adamları və bağların qarma-qarışıq yaşıllığını görürdü. Şəhər onun ayaqları altında sanki sancağa keçirilibmiş kimi fırlanırdı.

Vəziyyət getdikcə fənalaşırdı.

“Bir az sonra mən Üç Gonbul parkına düşəcəyəm!” – deyə şarsatan dəhşətə gəldi.

Sonrakı dəqiqələrdə isə o, parkın üzərindən astaca, çox qəşəngcə süzüb keçdi və getdikcə aşağı enməyə başladı. Külək sakitləşmişdi.

“Deyəsən, indicə yerə düşəcəyəm. Məni tutub əvvəlcə yaxşıca kötəkləyəcəklər, sonra da qazamata salacaqlar, ya da çox vaxt itirməsinlər deyə o saatdaca boynumu vuracaqlar”.

Onu heç bir adam görmədi. Yalnız ağacların birindən ürkmüş quşlar pərən-pərən düşərək uçdular. Havada uçan rəngbərəng şar topasının üzərinə bulud kölgəsinə bənzəyən yüngül yayğın kölgə düşmüşdü. Şar topası gözoxşayan rəngbərəng kölgələr salaraq narın çınqıl səpilmiş cığırdan, gül ləkindən, qaz üstündə oturmuş oğlan heykəlinin, qarovulda mürgü vuran qvardiyaçının üstündən keçdi. Bundan qvardiyaçının sifəti qəribə şəkildə dəyişdi. O dəqiqə də qvardiyaçının burnu meyit rənginə düşdü, sonra hoqqabaz burnu kimi yaşıl rəngə çaldı, nəhayət, əyyaşların burnu kimi qıpqırmızı oldu. Kaleydoskopun içindəki şüşələr də səpələnərək rəngini elə beləcə dəyişir.

Fəlakətli dəqiqələr yaxınlaşırdı: şarlar sarayın açıq pəncərələrinə sarı uçurdu. Şarsatan indicə pərqu tük kimi bu pəncərələrin birindən içəri keçəcəyinə şübhə eləmirdi.

Elə də oldu.

Şarsatan pəncərəyə sarı uçdu. Sən demə, bu, saray mətbəxindəki qənnadı şöbəsinin pəncərəsi imiş.

Bu gün Üç Gonbulun sarayında dünənki qiyamın uğurla yatırılması münasibətilə təmtəraqlı səhər yeməyi gözlənilirdi. Üç Gonbulun verdiyi səhər yeməyindən sonra bütün Dövlət Şurası, məiyyətlər və fəxri qonaqlar Məhkəmə meydanına getməyə hazırlaşırdılar.

Mənim əzizlərim, sarayın qənnadı şöbəsinə düşmək olduqca cəlbedicidir. Gonbullar ağızlarının dadını bilirdilər. Bir də ki bu, görünməmiş bir hadisə idi. Təmtəraqlı səhər yeməyi! Təsəvvür edin ki, bu gün saray aşpazları və qənnadıçıları necə maraqlı işlər görmüşdülər.

Şarsatan uçub qənnadı şöbəsinə girəndə həm qorxdu, həm də sevindi. Yəqin ki, elə eşşəkarısı da başısoyuq ev sahibəsinin pəncərənin qabağına qoyduğu tortun üzərinə qonanda həm qorxur, həm də vəcdə gəlir.

O cəmisi bir dəqiqə uçduğuna görə ətrafa yetərincə diqqət yetirməyə imkan tapmadı. Əvvəlcə ona elə gəldi ki, cənub ölkələrindən uçub gəlmiş cürbəcür nadir quşların cəh-cəh vurub oxuduğu və fit çaldığı, fışıldayan və şıqqıldayan bir quş bazarına düşüb. Sonrakı anlarda ona elə gəldi ki, bura quş bazarı deyil, əzilmiş və öz şirəsinə bulaşmış tropik meyvələrlə dolu dükandır. Şirin, başgicəlləndirici xoş qoxu onun burnuna dəydi, istidən və bürküdən boğazı qurudu.

Burada hər şey – heyrətamiz quşxana və meyvə dükanı bir-birinə qarışmışdı.

Şarsatan var gücü ilə yellənərək yumşaq və isti bir şeyin içində oturdu. O, şarlarını əlindən buraxmırdı. İpindən bərk-bərk yapışmışdı. Şarlar onun başı üzərində havada dayanmışdı.

O, gözlərini yumdu və qərara aldı ki, ömrü boyu onları açmasın. Fikrindən keçdi: “İndi mən başa düşdüm ki, bu nə quşxanadır, nə də meyvə dükanı. Bu, qənnadı bişirilən şöbədir və mən də tortun üstündə oturmuşam!”

Doğrudan da, belə idi.

O, şokolad, portağal, nar, krem, şəkərlənmiş meyvə, şəkər tozu və mürəbbə aləminə düşmüşdü. Özü də rəngbərəng rayihəli aləmin hökmdarı kimi taxtda oturmuşdu. Taxtı da tort idi.

O, gözlərini açmırdı. Qeyri-adi dava-mərəkənin qopacağını gözləyirdi, özü də hər şeyə hazır idi. Lakin onun ömründə gözləmədiyi bir hadisə baş verdi. Qənnadı bişirən şagird qaşqabaqla və qüssə ilə dedi:

– Tort zay oldu.

Sonra araya sükut çökdü. Yalnız qaynayan şokoladın qovuqcuqları partlayırdı.

– Bunun axırı necə olacaq? – şarsatan qorxudan nəfəsi kəsilmiş halda, gözlərini bərk-bərk yumaraq pıçıldadı. Onun ürəyi daxıla salınan qəpiklər kimi atılıb-düşürdü.

Baş qənnadıçı qaşqabaqla dedi:

– Boş şeydir! Süfrədəki ikinci xörəyi yeyiblər. İyirmi dəqiqədən sonra tortu vermək lazım gələcək. Rəngbərəng şarlarla bura uçan axmaq sir-sifətli bu yaramaz isə ziyafət tortunun əsl bəzəyi olar.

Bu sözləri deyib baş qənnadıçı bağırdı:

– Kremi verin!..

Doğrudan da, kremi verdilər.

Sonra nələr oldu!

Üç qənnadıçı və iyirmiyəcən aşpaz şagirdi Üç Gonbulun ən gonbulunun tərifinə layiq şəkildə şarsatanın üstünə böyük həvəslə atıldılar.

Bir dəqiqənin içində onu hər tərəfdən kremə bürüdülər. O, gözübağlı oturduğu üçün heç nə görmürdü, amma çox müdhiş mənzərə idi. Onu başdan-ayağa kremə tutmuşdular. Onun qızçiçəyi naxışları ilə bəzədilmiş çaydana oxşar başı və dəyirmi sifəti bayırda qalmışdı. Qalan hissəsi isə zərif çəhrayı çalarlı ağ kremlə örtülmüşdü. Şarsatanı nəyə desən oxşatmaq olardı, öz saman başmağını itirdiyi kimi, indi də özünəoxşarlığını itirmişdi.

İndi şair onu ağappaq lələkli qu quşuna, bağban mərmər heykələ, paltaryuyan qadın sabun köpüyünə, dəcəl uşaq isə qardan yapılmış arvada oxşada bilərdi.

Şarlar yuxarıdan asılıb qalmışdı. Tort da qəribə bəzədilmişdi, lakin bununla belə, hamısı bir yerdə olduqca maraqlı mənzərə yaradırdı.

– Bax belə, – baş qənnadıçı yaratdığı əsərdən zövq alan bir rəssam kimi dedi.

Sonra onun səsi birinci dəfə olduğu kimi sərtləşdi və bağırdı:

– Şəkərlənmiş meyvələri gətirin!!

Hər növdə, hər cür, bütün görünüşdə, formada, acıtəhər, vanilli, turşməzə, üçkünc, ulduzvarı, dəyirmi ayparaya, qızılgülə bənzəyən şəkərlənmiş meyvə araya gəldi.

Aşpaz şagirdləri yorulmadan işləyirdilər. Baş qənnadıçı üç dəfə əl çalmağa macal tapmamışdı ki, kremə tutulmuş tortu şəkərlənmiş meyvələrlə bəzədilər.

– Hazırdı, – baş qənnadıçı dedi. – İndi onu sobanın içinə qoyaq ki, bir balaca qızarsın.

“Sobaya! – şarsatan dəhşətə gəldi. – Nə? Hansı sobaya? Məni sobaya qoyacaqlar!”

Bu vaxt qulluqçulardan biri qənnadı bişirilən yerə qaça-qaça gəldi və bağırdı:

– Tortu! Tortu verin! Tez olun, tortu verin! Salonda şirniyyat gözləyirlər.

– Tort hazırdır! – baş qənnadıçı dedi.

“Hə, Allaha şükür”, – deyə şarsatan fikirləşdi. İndi o, gözlərini bir azca aça bilmişdi.

Zərbaftalı paltarda altı qulluqçu onun oturduğu nəhəng boşqabı qaldırıb apardı. Artıq oradan uzaqlaşanda aşpaz şagirdlərinin qəhqəhə ilə ona güldüklərini eşitdi.

Geniş pilləkənlə onu yuxarı salona apardılar. Şarsatan bir anlığa gözlərini yumdu. Salonda bərk hay-küy vardı və şadyanalıq idi. Səs-küy, gülüş səsləri eşidilir, alqış səsləri ucalırdı. Bütün bu nişanələr onu göstərirdi ki, səhər ziyafəti yaxşı təşkil olunmuşdur.

Şarsatanı, daha doğrusu, tortu gətirib stolun üstünə qoydular.

Onda şarsatan gözlərini açdı.

O elə bu anda Üç Gonbulu gördü.

Onlar elə gonbul idilər ki, şarsatanın ağzı açılı qaldı.

“Təcili ağzımı yummalıyam, – birdən yadına düşdü, – bu vəziyyətdə özümü diri göstərməsəm yaxşıdır”.

Amma heyif ki, onun ağzı yumulmadı. İki dəqiqə beləcə davam elədi. Daha sonra şarsatan təəccüb eləmədi. Özünü ələ alıb ağzını yumdu, amma gözləri bərələ qaldı. Böyük çətinliklə növbə ilə gah ağzını, gah da gözlərini yumdu, nəhayət, zorla təəccübünə üstün gəldi.

Gonbullar süfrənin yuxarı başında oturub qalanlarını kölgədə buraxmışdılar.

Onlar hamıdan çox yeyirdilər. Onlardan biri hətta salfet kağızı yeməyə başlamışdı.

– Siz salfet kağızı yeyirsiniz…

– Doğrudanmı? Yəqin, başım qızışıb…

O, salfet kağızı yerə qoyub Üçüncü Gonbulun qulağını gəmirməyə başladı. Öz aramızdır, onun qulağı varenikə bənzəyirdi.

Hamı gülməkdən uğunub getdi.

İkinci Gonbul əlindəki çəngəli yuxarı qaldırıb dedi:

– Zarafatı qoyaq bir yana. Deyəsən, iş başqa şəkil alır. Tortu gətirdilər.

– Ura!!

Ümumi canlanma əmələ gəldi.

“Görəsən, nə olacaq? – şarsatan üzülmüşdü. – Necə olacaq? Onlar məni yeyəcəklər!”

Bu vaxt saat ikini vurdu.

Birinci Gonbul dedi:

– Bir saatdan sonra Məhkəmə meydanında edam başlayır.

Möhtərəm qonaqlardan kimsə soruşdu:

– Yəqin ki, birinci silahqayıran Prosperonu edam edəcəklər?

Dövlət kansleri cavab verdi:

– Onu bu gün edam etməyəcəklər.

– Hecə? Necə? Nəyə görə ki?

– Biz hələlik ona toxunmayacağıq. Biz ondan hələ qiyamçıların planlarını, sui-qəsdçilərin rəhbərlərinin adlarını öyrənəcəyik.

– Bəs indi o haradadır?

Bütün cəmiyyət bununla çox maraqlanırdı, hətta tortu belə unutmuşdular.

– O hələ də dəmir qəfəsdə oturub. Qəfəs burada, sarayda, vəliəhd Tuttinin heyvanxanasındadır.

– Çağırın onu…

– Gətirin onu bura! – deyə qonaqlar qışqırışdılar.

Birinci Gonbul dedi:

– Hə, nə olar? Qoy bizim qonaqlar bu vəhşi heyvanı yaxından görsünlər. Mən hamını heyvanxanaya dəvət edə bilərəm. Amma orada nərilti, ciyilti səsi və üfunət var. Bütün bunlar qədəh cingiltisindən və meyvələrin ətrindən həddindən artıq pisdir.

– Əlbəttə! Əlbəttə! Heyvanxanaya getməyə lüzum yoxdur…

– Qoy Prosperonu bura gətirsinlər. Biz tort yeyə-yeyə bu yırtıcı heyvana baxarıq.

“Yenə də tort! – şarsatan qorxdu. – Bunlar tortda nə görüblər axı… Qarınqulular!”

– Prosperonu gətirin, – Birinci Gonbul dedi.

Dövlət kansleri salondan çıxdı. Dəhlizdə dayanmış xidmətçilər aralanıb ona təzim elədilər.

Qarınqulular susdular.

İkinci Gonbul dedi:

– O çox dəhşətlidir. O hamıdan, şirdən də güclüdür. Gözlərindəki nifrət elə odludur ki, adam ona baxa bilmir.

– Onun qorxunc başı var, – Dövlət Şurasının katibi dedi. – Olduqca böyükdür. Başı sütun başlığına bənzəyir. Kürən saçları var. Adama elə gəlir ki, onun başı od tutub yanır.

Söhbət silahqayıran Prosperodan düşəndə qarınquluların halı dəyişdi. Onlar süfrədən əllərini çəkdilər, zarafatı bir yana qoyub səs-küylərinə ara verdilər, hətta bəzilərinin sifəti avazıdı. İndi çoxları onu görmək istədiklərini dediklərinə görə peşman idilər.

Üç Gonbul ciddi görkəm aldı və onlar elə bil bir azca arıqladılar da.

Birdən hamı susdu. Araya tam sükut çökdü. Gonbullar sanki bir-birinin arxasında gizlənmək istəyirlərmiş kimi hərəkətlər etdilər.

Silahqayıran Prosperonu salona gətirdilər.

Qabaqda dövlət kansleri, ətrafında qvardiyaçılar gəlirdi. Onlar içəri siyirməqılınc girdilər, başlarından qara müşəmbəli şlyapalarını da çıxarmadılar. Zəncir cingildəyirdi. Silahqayıranın qolları qandallanmışdı. Onu masaya sarı gətirdilər. O, Gonbullardan bir neçə addım kənarda dayandı.

Silahqayıran Prospero dayanıb başını aşağı dikmişdi. Əsirin rəngi qaçmışdı. Axan qan onun alnında və gicgahlarında, pırtlaşıq saçlarının dibində laxtalanıb qalmışdı.

O başını qaldırıb Gonbullara baxdı. Yaxında oturanlar geriyə çəkildilər. Qonaqlardan birinin qışqırığı eşidildi. Bu, ölkənin ən varlı dəyirmançısı idi.

– Niyə onu bura gətirdiniz? Mən ondan qorxuram!

Dəyirmançının ürəyi gedib yıxıldı və onun burnu kisel qabının düz içinə girdi. Bəzi qonaqlar özlərini girişə doğru atdılar. Bu vaxt tort heç kimin yadına düşmürdü.

– Siz məndən nə istəyirsiniz? – Prospero soruşdu.

Birinci Gonbul cürətə gəlib dedi:

– Biz sənə tamaşa eləmək istəyirik. Məgər sənə kimin əlinə əsir düşməyin maraqlı deyil?

– Sizi görən gözüm yoxdur.

– Tezliklə sənin başını bədənindən ayırarıq. Bununla da bizi görməməkdə sənə köməklik göstərərik.

– Qorxum yoxdur. Mənim başım bir dənədir. Xalqın isə yüz minlərlə başı var. Siz onların başını bədəndən ayıra bilməyəcəksiniz.

– Bu gün Məhkəmə meydanında edam olacaq. Cəlladlar sənin yoldaşlarına divan tutacaqlar.

Qarınqulular bir az sakitləşdilər. Dəyirmançı özünə gəldi və hətta yanağından üzüaşağı süzülən çəhrayı rəngli kiseli dili ilə yalamağa başladı.

Prospero dedi:

– Sizin beyninizi piy basıb. Qarnınızdan uzaq heç nə görə bilmirsiniz…








İkinci Gonbul incidi:

– Buyurun deyin görək! Biz nəyi görməliyik ki?

– Öz nazirlərinizdən soruşun. Onlar ölkədə nə baş verdiyini yaxşı bilirlər.

Dövlət kansleri aydın olmayan tərzdə vaqqıldadı. Nazirlər barmaqları ilə boşqabları taqqıldatmağa başladılar.

Prospero təkrar elədi:

– Onlardan soruşun, özləri sizə danışarlar.

O dayandı. Hamı diqqətlə ona qulaq asırdı.

– Onlar sizə danışarlar ki, ruzisini əlindən aldığınız, ağır zəhmətlə çörək qazanan kəndlilər mülkədarlara qarşı çıxırlar. Onların malikanələrini yandırır, öz torpaqlarından qovub çıxarırlar. Mədən qazmaçıları ona görə kömür çıxarmaq istəmirlər ki, siz onlara yiyələnməyəsiniz. Fəhlələr maşınları sındırırlar ki, sizin varlanmağınız üçün işləməsinlər. Dənizçilər sizin yüklərinizi dənizə tökürlər. Əsgərlər daha sizə xidmət etmək istəmirlər. Alimlər, məmurlar, hakimlər, aktyorlar xalqın tərəfinə keçirlər. Əvvəllər sizin üçün işləyənlərin hamısı – zavallılar, evsiz-eşiksizlər, ac-yalavaclar, arıq-uruqlar, yetim-yesirlər, əlillər, dilənçilər siz piylənmişlərə, varlılara, ürəyi daşadönənlərə qarşı çıxırlar…

Dövlət kansleri söhbətə müdaxilə elədi:

– Mənə elə gəlir ki, o, ağzına gələni danışır.

Lakin Prospero sözünə davam elədi:

– Mən on beş ildir xalqa öyrədirəm ki, onlar sizə və sizin kimilərə nifrət bəsləsinlər. Bilsəniz neçə vaxtdır ki, gücümüzü toplayırıq! İndi isə sizin axırınız çatıb…

Üçüncü Gonbul ciyildədi:

– Kifayətdir!

İkinci Gonbul təklif elədi:

– Onu təzədən qəfəsə salmaq lazımdır.

Birinci Gonbul dedi:

– Gimnast Tibul tutuluncaya qədər sən öz qəfəsində qalacaqsan. Sizin ikinizi də bir yerdə edam edəcəyik. Xalq da sizin meyitlərinizi görər və bizimlə döyüşməyə də həvəsi ölər.

Prospero susurdu. O, yenə də başını aşağı saldı.

Gonbul sözünə davam elədi:

– Sən kimə qarşı vuruşduğunu unutmusan. Biz Üç Gonbul güclüyük, qüdrətliyik. Hər şey bizə məxsusdur. Mən – Birinci Gonbul bizim torpaqların yetişdirdiyi bütün taxılın sahibiyəm. İkinci Gonbul bütün kömür mədənlərini, Üçüncü Gonbul bütün dəmirləri ələ keçirib. Biz hamıdan varlıyıq. Ölkədə ən varlı adam bizdən yüz dəfə yoxsuldur. Biz qızıllarla nə istəsək ala bilərik.

Belə olanda qarınqulular özlərindən çıxdılar. Gonbulun dedikləri onları cürətləndirdi.

– Onu qəfəsə salın! Qəfəsə! – onlar qışqırmağa başladılar.

– Vəhşi heyvanların yanına!

– Qəfəsə!

– Qiyamçı!

– Qəfəsə!

Prosperonu apardılar.

– İndi isə tort yeyəcəyik, – Birinci Gonbul dedi.

“Axırım çatdı!” – deyə şarsatan düşündü.

Bütün nəzərlər ona zilləndi. O, gözlərini yumdu. Qarınqulular nəşələnirdilər.

– Ho-ho-ho!

– Ha-ha-ha! Necə də gözəl tortdur! Şarlara bir diqqət eləyin!

– Çox gözəldir.

– Bir bu sir-sifətə baxın!

– O, gözəldir!

Hamı torta sarı cumdu.

– Bu gülməli müqəvvanın içindəki nədir? – deyə kimsə soruşdu və şarsatanın alnına bərk bir çırtma vurdu.

– Yəqin, konfet olar.

– Ya da şampan şərabı…

– Çox maraqlıdır! Çox maraqlıdır!

– Gəlin əvvəlcə bu başı kəsək, görək nə alınır…

– Vay!

Şarsatan daha dözə bilmədi və olduqca açıq-aydın şəkildə “Vay!” eləyib gözlərini açdı.

Maraqlananlar yerlərindən atıldılar. Bu vaxt aynabənddə bərkdən uşaq qışqırığı eşidildi:

– Kuklam! Mənim kuklam!

Hamı qulağını şəklədi. Üç Gonbul və dövlət kansleri həyəcanlandılar. Qışqırıq ağlamağa keçmişdi. Aynabənddə incik düşmüş oğlan uşağı ağlayırdı.

– Nə olub ki? – Birinci Gonbul soruşdu. – Bu ağlayan vəliəhd Tuttidir!

– Bu ağlayan vəliəhd Tuttidir! – İkinci və Üçüncü Gonbul bir səslə təkrar elədilər.

Hər üçünün rəngi qaçdı. Onlar yaman qorxmuşdular.

Dövlət kansleri, bir neçə nazir və xidmətçi özlərini aynabəndin çıxışına verdilər.

– Nə olub? Nə olub? – deyə salonda pıçıltı gəzdi.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/uriy-olesha/uc-gonbul-68289781/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Foksteryer – ov iti cinsi



Metaforik (məcazi) üslubda yazılmış bu dərin məzmunlu nağıl-povestdə üç gonbulun hakimiyyətindən əziyyət çəkən xalqın onlara qarşı mübarizəsindən danışılır.

Как скачать книгу - "Üç gonbul" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Üç gonbul" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Üç gonbul", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Üç gonbul»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Üç gonbul" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги серии

Книги автора

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *