Книга - Mavi Qatarın sirri

a
A

Mavi Qatarın sirri
Aqata Kristi


Dünya ədəbiyyatından seçmələr
Dereklə evli olan milyonçu qızı Rut başqa birini – qraf Roşu sevir, onun yanına getmək üçün qatara minir. Elə həmin gecə qatarda qətlə yetirilir. Xəfiyyə Erkin Puaro qatili tapmaq üçün dərhal hərəkətə keçir…








Aqata Kristi

Mavi Qatarin Sirri



Qəzənfər Paşayevin tərcüməsi əsasında sadələşdirilmiş və ixtisar edilmişdir.








© ALTUN KİTAB MMC – 2018




UĞURSUZ PLAN


Cənab Papopolus məşhur qızıl-zinət alverçisi idi. Onu hər yerdə tanıyırdılar. Bilirdilər ki, Papopolus ən bahalı zinət əşyalarını alıb-satmağı xoşlayır. Həmişə də öz alverini əlaltından edirdi. Papopolusun Parisin mərkəzində böyük evi vardı. Onun qızıl dükanlarına isə şəhərin bir çox yerlərində rast gəlmək olardı.

Qaranlıq yenicə düşmüşdü. Papopolus öz otağında oturub dincəlirdi. Həyəcanlı olduğu üzündən aydın sezilirdi. Bu vaxt həbəş sifətli qulluqçu içəri girdi. Ehtiramla baş əydikdən sonra dedi:

– Cənab, Markiz adlı bir nəfər sizi görmək istəyir.

Üzündən nuranilik və xeyirxahlıq yağan Papopolus «Markiz» adını eşidəndə yerində qurcalandı. Başının işarəsi ilə «gəlsin» dedi.

Çox keçmədi ki, Markiz deyilən adam içəri keçdi. Papopolus onunla salamlaşdı. Oturmaq üçün yer göstərdi. Qonaq nəzakətli səslə dedi:

– Gecənin bu vaxtı sizi narahat etdiyim üçün üzr istəyirəm.

– Xoşdur, xoşdur, – Papopolusun gözləri bir anda parladı, – yəqin ki, bu axşamı yaxşı keçirmisiniz?

Markiz başını aşağı salıb boğuq səslə cavab verdi:

– Şəxsən mən yox.

– Bu nə deməkdir, nə olub ki? – iti nəzərlə qonağı süzdü.

– Plan baş tutmadı. Mən nə desəniz gözləyərdim, amma bu cür uğursuzluğu ağlıma da gətirməzdim.

Papopolusun sifətindəki nurani və xeyirxah cizgilər bir anda yoxa çıxdı. Onun rəngi qaraldı. Gözləri bərələ qaldı.

– Açıq de görüm, nə baş verib?

– Dediyiniz amerikalı bahalı yaqutu götürüb küçəyə çıxan kimi bizim adamlar ona hücum edib. Amma amerikalının üstündə tapança olub və dərhal onlara atəş açıb. Bizim adamlar da polis gəlməmiş aradan çıxmağa məcbur olublar.

Markiz danışdıqca Papopolusun qəzəbləndiyi səsindən açıq-aydın duyulurdu.

– Bu ki lap naşılıqdır, – qızıl-zinət alverçisi səsini qaldırdı, – onlar niyə küçənin ortasında hücum edirdilər? Münasib yer tapmaq olmazdı? Heç gözləməzdim, heç gözləməzdim…

Papopolus bu sözləri deyib narazı-narazı başını buladı. Markiz onu sakitləşdirmək üçün dedi:

– Cənab, narahat olmayın, bu uğursuzluq boş şeydir. Onun elə bir zərəri yoxdur. Gələn dəfə hər şey qaydasında olacaq.

– Mən sizin qabiliyyətinizə inanıram, – qədim əşyalar alverçisi dedi.

– Bilirəm, artıq sizdə mənim də, adamlarımın da belə işlərdə ustalığına şübhə yaranıb. İnanın, mən sizə söz verirəm ki, hər şey qaydasında olacaq. Amma gərək siz də sözünüzün üstündə durasınız. Əməyimizi yüksək qiymətləndirəsiniz.

Bu söz Papopolusa toxundu. İncik halda dedi:

– Mən sözümdə möhkəm adamam, – Papopolus Markizin əlini sıxdı, – tapşırığı uğurla yerinə yetirsəniz, düşündüyünüzdən də çox qazanacaqsınız.

Markizin üzündə təbəssüm göründü. Bundan sonra onlar sağollaşıb ayrıldılar.




AMERİKALI MİLYONÇU


Rufus van Aldin məşhur amerikalı milyonçudur. Onun da qızıl-zinət əşyalarına böyük marağı var. Harada belə qədim əşya olduğunu eşidirsə, dərhal onu almağa çalışır. Özü də bunun üçün çoxlu pul xərcləməkdən çəkinmir.

Bir neçə gün idi ki, van Aldin uzaq səfərdə idi. Bu səfərin məqsədi haqqında çox az adam nə isə bilirdi. O, işə gələn kimi birinci mərtəbədəki qulluqçudan ona məktub olub-olmadığını soruşdu. Qulluqçu gələn məktubların hamısını ikinci mərtəbəyə – mayor Nayton adlı köməkçiyə göndərdiyini dedi. Birdən nəsə yadına düşdü, tez masanın gözünü açıb siyirmədən bir məktub çıxartdı.

– Az qala unutmuşdum, cənab, bu məktub elə indicə gəlib, – qulluqçu dedi.

Van Aldin məktubu aldı. Üstünü oxuyan kimi birdən-birə görkəmi dəyişdi. Bayaqdan çox şən olan sifəti tutuldu. Amma heç nə deməyib ikinci mərtəbəyə qalxdı. Öz otağına keçdi. Otaqda yeni köməkçisi Nayton van Aldinə gələn məktubları qaydaya salmaqla məşğul idi. Milyonçu içəri girəndə o özündən asılı olmayaraq dik atıldı.

– Salam, Nayton! – van Aldin mehriban səslə köməkçisinə dedi.

– Xoş gəlmisiniz, cənab. Səfəriniz necə keçdi?

– Pis olmadı, – milyonçu könülsüz cavab verdi. Sonra gülümsəyərək dedi: – Əsas odur ki, arzusunda olduğum matahı aldım.

– Siz həmişə istəyinizə nail olursunuz, – Nayton da təbəssümlə dilləndi.

– Elədir, – van Aldin özündənrazı halda dedi. – Məktubların arasında təcili olanı varmı?

– Yox, cənab, – Nayton cavab verdi, – həm də mən hələ bütün məktubları saf-çürük eləməmişəm.

– Yaxşı, onda təcili bir şey olsa, xəbər eləyərsən, – van Aldin paltosunu çıxardıb masasına tərəf getdi. Nayton isə işinə davam etməyə başladı.

Van Aldin bu köməkçisindən çox razı idi. Naytonla iki ay əvvəl tanış olmuşdu. Bu gənc mayor onun ürəyinə yatmışdı. Nayton axsayırdı. Bunun səbəbini soruşanda mayor ona sənədlər göstərmişdi. Həmin sənədlərdən məlum olurdu ki, Nayton müharibədə yaralanıb. Gənc mayor van Aldindən münasib iş yeri olub-olmadığını soruşanda amerikalı milyonçu ona öz yanında şəxsi katibi – köməkçisi kimi yüksək vəzifə təklif etmişdi.

Van Aldin Naytonu işə götürməyinə indi də çox sevinirdi. Çünki bu gənc mayor əldən iti, mədəni, ziyalı və yorulmaq bilməyən bir adam idi.

Birdən milyonçunun gözü qulluqçudan yenicə alıb masanın üzərinə qoyduğu son məktuba sataşdı. Qəmgin baxışlarla zərfin üstünü yenidən oxudu. Sonra zərfi cırdı, içindəki kağız parçasını oxumağa başladı. Oxuduqca da sifəti qəzəbdən alışıb-yanır, dodaqlarını gəmirirdi. Birdən əlini masaya çırpdı, əsəbi səslə dedi:

– Ah, mənim zavallı qızım! Nə yaxşı ki, qoca atan hələ sağdır, yoxsa o dəyyus, Allah bilir, sənin başına daha nə oyun açar. Yox, mən bu işi belə qoymaram.

Bunu deyəndən sonra van Aldin qəzəblə ayağa qalxdı. Paltosunu geyib iti addımlarla otaqdan çıxmaq istəyəndə Nayton soruşdu:

– Cənab, siz harasa gedirsiniz?

– Bəli, mən təcili qızımı görməliyəm.

– Sizi soruşsalar…

– Deyərsən ki, rədd olsunlar, – van Aldin köməkçisinin sözünü yarımçıq kəsdi. Sonra qapını arxasınca çırpıb getdi.

Van Aldinin qızının adı Rut idi. Onun iyirmi səkkiz yaşı vardı. Çox da gözəl deyildi, amma saçlarının rəngi ilə hamını valeh edirdi. Onun şabalıdı saçları qara gözləri, zil qara kirpikləri ilə bir ahəng yaradırdı. Rutun uca qaməti vardı. Yüksək səslə danışmağı sevirdi. Lap atası kimi. Van Aldin qızını uşaqlıqdan sərbəst böyütmüşdü. Rut hər şeyi öz bildiyi kimi edirdi. Heç kimi dinləmir, heç kimin fikri ilə razılaşmırdı. Nə bilirdi, onu da eləyirdi. Həmişə də özünü haqlı sayırdı. Amerikalı milyonçu gözünün ağı-qarası tək övladını çox sevirdi. Onun xoşbəxt olması üçün bütün var-dövlətindən keçməyə hazır idi.

Az öncə oxuduqca əsəbiləşdiyi məktubu da Rut yazmışdı. Rut Derek adlı bir nəfərdə ərdə idi. Son vaxtlar van Aldin hiss edirdi ki, qızı ilə əri yola getmirlər, aralarında tez-tez mübahisə düşür. Derek bəzən günlərlə evə gəlmirdi. İndi qızın atasına yazdığı məktub da bunu təsdiqləyirdi. Rut Derekin başqa qadınlarla gəzdiyini yazırdı.

Van Aldin işdən birbaşa qızıgilə gəldi. Qapını qulluqçu açdı, milyonçunu görən kimi təbəssümlə onu içəri dəvət etdi. Rut gələnin atası olduğunu görəndə sevincindən van Aldinin boynuna sarıldı. Atası da qızını köksünə sıxıb üzündən öpdü.

Van Aldin dərhal əsas məsələyə keçdi:

– Məktubunu oxudum. Derek yenə nə törədib?

– Danışılası deyil, – bayaqdan şıltaq-şıltaq gülən Rut birdən-birə ciddiləşdi, – o lap həddini aşıb. Daha məni eşitmək belə istəmir. Bir aydır ki, üzünü görmürəm. Bir qadın var, onunla çəkinmədən hər yerə gedir.

– Hansı qadınla? – van Aldin soruşdu.

– Sən onu tanıyırsan, ata, rəqqasədir, – qızı cavab verdi.

– Mirellə?

– Hə. Keçən həftə Derekin atasının – lord Lekənbərinin yanına getdim. Hər şeyi ona başa saldım. O da Dereki tənbeh edəcəyinə söz verdi.

– Ay-hay! – van Aldin dilləndi, – ona qulaq asan kimdir? Hamı bilir ki, lord Lekənbərinin bir ayağı burda, bir ayağı gordadır. Onun dedikləri Derekə təsir etməz. Bu qulağından alıb o qulağından buraxacaq.

– Ata, sən bir şey eləyə bilməzsən? – Rut əlacsız halda soruşdu.

– Mən sənə kömək edə bilərəm, amma… – milyonçu ata sözünü yarımçıq kəsdi.

– Nə amma, ata? Sən nə demək istəyirsən?

– Amma sənin buna iradən çatmalıdır, qızım! – van Aldin bunu deyib başını aşağı salaraq dinmədi.

Rutun heyrətdən matı-qutu qurudu. Çünki atasının nə demək istədiyini yaxşı başa düşürdü. Van Aldin istəyirdi ki, qızı Derekdən boşansın. Rutun heyrətləndiyini görən milyonçu dedi:

– Qızım, artıq Derek ağlını tamam itirib. Onun düzəlməyi mümkün deyil. Mən isə razı olmaram ki, qızım əzab çəksin. Bilirəm, bütün günah məndədir. Mən səni sevdiyin oğlandan ayırıb Derekə ərə verdim. Amma bu barədə danışmaq artıq gecdir. Gələcəyə baxmaq lazımdır. Son vaxtlar Derekin sənin başına açdığı oyunlar mənim dincliyimi əlimdən alıb. Bunun sonu olmalıdır.

– Səncə, boşanmaqdan başqa yol yoxdur? – Rut soruşdu.

– Yox, qızım, təəssüf ki, yoxdur, – van Aldin başını bulayaraq cavab verdi.

– Bəs o buna razılıq verməsə? – qız xəbər aldı.

– Bunu mənim öhdəmə burax, qızım, – ata özünə arxayın şəkildə cavab verdi, – o nəyi əsas gətirib boşanmaqdan imtina edə bilər ki?

Rut heç nə demədi. Amma van Aldin qızının tərəddüd içində olduğunu anladı.

– Düzünü de, qızım, – milyonçu ata soruşdu, – səni narahat edən nə isə varmı?

– Yox, ata, yox, – Rut tez cavab verdi.

– Elə isə sən narahat olma. Qoca atan bu problemi yoluna qoyacaq. İndi isə mənim sənə gözəl bir hədiyyəm var. Gəl göstərim, – van Aldin gülümsəyərək dedi.

– Nə hədiyyə? – Rut təəccüblə soruşdu.

– Hə, özü də bahalı, ürəyin istəyən bir hədiyyə almışam sənə, – bunu deyib van Aldin əlini paltosunun döş cibinə uzatdı. Oradan çıxardığı kiçik mücrünü Ruta verdi. Qız mücrünü həvəslə açdı. Mücrüdəki yaqutu görəndə sevincindən qışqırdı:

– Ata, ata, bu nə aləmdir!

– Xoşuna gəldimi? – milyonçu soruşdu.

– Hələ bir soruşursan da! Misilsizdir, – Rut dilləndi. – Bunu haradan almısan?

– Bu, sirdir, – van Aldin güldü. – Belə qiymətli şeyi yalnız əlaltından almaq olar. Bəlkə də, sən bu yaqut haqqında eşitmisən. Onun adı «Ürəklərə od salan – yandırıb yaxan» dır.

– Sağ ol, ata, sən mənə həmişə ən yaxşı hədiyyəni almısan! – Rut yenidən van Aldinin boynuna sarıldı.

– Başqa cür ola da bilməz, – ata qızının şabalıdı saçlarını sığallayıb dedi, – bilirsən ki, mənim dünyada səndən başqa heç kimim yoxdur.






– Sənə hədiyyə etdiyim bu məşhur yaqutun adı «Ürəklərə od salan – yandırıb-yaxamdır.



Ata-bala yenidən bir-birinə sarıldılar. Nəhayət, van Aldin dedi ki, işləri çox olduğundan getməlidir. Rut atasından xahiş elədi ki, qalsın, birgə nahar etsinlər. Amma van Aldin vaxtının olmadığını dedi. Qapıdan çıxanda Rut atasına dedi:

– Yəqin ki, bu boşanma məsələsi mənim Fransaya getməyimə mane olmayacaq.

– Sən Fransaya gedirsən? – ata təəccübləndi.

– Hə, ayın 14-də.

– Yaxşı, get. Amma o yaqutları özünlə aparma.

Rut razılıq əlaməti olaraq başını tərpətdi. Van Aldin zarafatla dedi:

– Mən istəmirəm ki, yaqutun ucbatından qızımı ya soysunlar, ya da həyatına qəsd eləsinlər.

Rut da ona sataşdı:

– Bəs onda niyə sən onu elə beləcə, cibində gətirmisən?

Van Aldin duruxdu. Qızı hiss etdi ki, nəsə baş verib.

– Ata, niyə fikrə getdin?

– Heç, qızım, mən bu yaqutları alan günün axşamı Parisdə başıma gələn bir hadisəni xatırladım. Yaqutları alıb küçəyə çıxanda iki nəfər mənə hücum elədi. Tapançamı çıxarıb onlara tərəf atəş açan kimi qaçdılar.

– Afərin, ata, – Rut əlini əlinə vurub onu alqışladı, – sən əsl qəhrəmansan!




QARŞILIQLI XƏYANƏT


Van Aldin qızıgildən ayrılıb birbaşa işə gəldi. Yolboyu Rutun boşanma məsələsini düşündü. Ürəyinə dammışdı ki, bu məsələdə qızının tərəddüd keçirməsinin bir səbəbi var. Milyonçu elə hey öz-özünə deyirdi: «Rut məndən nə isə gizlədir! Rut məndən nə isə gizlədir!» Van Aldin ha fikirləşirdi, qızının ondan nəyi gizlədə biləcəyi ağlına gəlmirdi.

İşə çatan kimi van Aldin Naytona tapşırdı ki, Dereki onun yanına çağırsın. Üstəlik, Naytona kürəkəninin indiki maddi vəziyyəti haqqında məlumat öyrənməyi də tapşırdı. Nayton «baş üstə!» deyib otaqdan çıxdı. Van Aldin günorta yeməyini yenicə yeyib qurtarmışdı ki, köməkçisi ona Derekin gəldiyini xəbər verdi. Van Aldin «burax içəri» dedi.

Çox keçmədi ki, Derek içəri girdi. Onun 30 yaşı vardı. Sifəti arıq və qaraşın idi. Van Aldin ona əyləşmək üçün yer göstərdi. Derek qayınatası ilə üzbəüz oturdu. Qoca milyonçu birbaşa mətləbə keçdi:

– Mənim uzun-uzadı danışmaqdan xoşum gəlmir. Qısası, qızımla qərara gəlmişik ki, o səndən boşansın.

Derek özünü elə apardı ki, guya van Aldinin bu qəfil dediklərindən qətiyyən narahat deyil. Amma ürəyində narahat idi. Siqaret yandırmaq üçün qayınatasından icazə istədi. Sonra van Aldinin düz gözünün içinə baxıb dedi:

– Siz necə böyük səhvə yol verdiyinizi bilirsinizmi?

– Sən buna görə narahat olma, – van Aldin cavab verdi. – Mən səni bura çağırdım ki, məsələdən xəbərin olsun.

– Yaxşısı budur, siz qızınıza deyin, uzağı bir il də dözsün. Ona qədər atam vəfat edəcək və lord Lekənbəri titulu mənə keçəcək.

– Bunun qızıma nə dəxli var? – qoca milyonçu təəccübləndi.

– Lekənbəri nəslinin varisi olacağım təqdirdə o bu nəslin birinci xanımı olacaq! – Derek bu sözləri deyərkən xısın-xısın gülməyindən də qalmırdı. Bu isə van Aldini əsəbiləşdirirdi. Nəhayət, tamam özündən çıxan qoca ata qeyzlə dilləndi:

– Sözlərinə sərhəd qoy, axmaq! Sırtıq-sırtıq danışma. Sənə elə gəlir ki, qızım ad-sana görə sənə ərə gedib?

Derek qayınatasının əsəbiləşməyinə məhəl qoymayıb bir az da ucadan güldü. Sonra ciddiləşdi:

– Doğrudanmı, cənab van Aldin, siz elə bilirsiniz ki, qızınız mənimlə yalnız məhəbbət üzərində ailə qurub?

– Mən bir onu bilirəm ki, on il bundan qabaq qızıma elçi düşəndə başqa cür danışırdın, – milyonçu əsəbini boğmağa çalışaraq dedi.

– Hə, onda sizin qızınız da başqa cür idi: tərtəmiz, mələk kimi pak. Mən onu, doğrudan da, sevirdim.

– Yalan danışma, sən qızımla var-dövlətimə görə evlənmisən. İndi isə onu incidirsən. Sən Rutu tək görmüsən? Bil ki, onun arxasında atası van Aldin durub! Mənim qızıma əzab-əziyyət verməyə haqqın yoxdur!

– Bəlkə, fikirləşirsiniz ki, qızınızın heç bir günahı yoxdur, o hələ də pak bir mələkdir? Yox, qızınız sizdən də qəddardır. Onun ürəyindəki əzazillik üzündəki xeyirxahlıqdan daha güclüdür.

– Boş-boş danışma. Mən sözümü dedim. Qızım səndən boşanır. Yaxşısı budur, sən də sakitcə bununla razılaş.

Derek oturduğu kürsüdən ayağa qalxdı. Əlindəki siqaret kötüyünü buxarıya atdı. Sakit və təmkinli səslə soruşdu:

– Birdən razılaşmasam, onda nə olacaq?

– Razılaşmamaq üçün dəlil-sübutun var? – van Aldin kürəkəninin sualına sualla cavab verdi.

– Görürəm, sizin heç nədən xəbəriniz yoxdur, cənab van Aldin! Yaxşısı budur, boşanma ərizəsini məhkəməyə göndərməmişdən əvvəl qızınızla söhbət edin. Ona deyin ki, hər şeyi olduğu kimi danışsın, sizinlə səmimi olsun.

Bu sözləri eşidəndə van Aldin «nə demək istəyirsən?» deyə qışqıraraq yerindən dik atılsa da, artıq gec idi. Derek cəld addımlarla otaqdan çıxmışdı. Qoca milyonçu ağır-ağır kürsüyə çökdü. Öz-özünə düşünməyə başladı: «Əvvəldən ürəyimə dammışdı ki, qızım məndən nə isə gizlədir. Derek də buna işarə etdi. Ah, Rut, əlaltdan nə işlər görürsən, Allah bilir».

Van Aldin qarşısındakı soyumuş çaydan bir qurtum içdi. Rutgilə zəng elədi. Dəstəyi qulluqçu qaldırdı. O, Rutun nahar etmək üçün restorana getdiyini söylədi. Qoca milyonçu qeyzlə dəstəyi yerinə çırpdı. Otaqda var-gəl etməyə başladı. Bu vaxt Nayton içəri girdi. O, Derek haqqında bəzi məlumatlar verdi. Dedi ki, Derekin işləri pis gedir, borc içində üzür. Borclular hər gün onu boğaza yığırlar. Derek onların qorxusundan küçəyə çıxmağa da ürək eləmir. Naytonun məlumatları van Aldinin kefini açdı. Deməli, Derekin pula ehtiyacı var. Ona pul təklif etməklə boşanmaya razı salmaq olardı. Bu, milyonçu ataya bayaqkı qəzəbini tamam unutdurdu.

Bir saatdan sonra van Aldin artıq qızıgilin küçəsində idi. Rutun evinə yaxınlaşanda oradan bir nəfərin çıxdığını gördü. Əvvəlcə elə bildi Derekdir. Amma onun lap yanına çatanda yanıldığını başa düşdü. Bir-birinin üzünə ötəri baxıb keçdilər. Qoca milyonçu onu haradasa gördüyünü hiss etdi. Çünki bu yad adamın sifəti çox tanış idi. Amma nə qədər çalışsa da, onu harada gördüyünü xatırlamadı. Əsəbiliklə başını bulayıb Rutun qapısının zəngini basdı. Qapını Rut özü açdı. Sanki atasının gəlişini gözləyirmiş.

Onlar içəri keçib elə ayaq üstəcə söhbətləşdilər.

– Bu gün ərin Dereklə görüşdüm, – van Aldin sözə başladı, – o, çox şey danışdı. Danışdıqları ədəbsizlikdən başqa bir şey deyildi. Amma Derek otaqdan çıxanda bir söz dedi. Düzü, başa düşmədim. O, məsləhət gördü ki, əvvəlcə nəyisə məndən gizlədib-gizlətmədiyini soruşum. Qızım, Derek bununla nə demək istəyir?

Rutun sifət cizgiləri bir anda dəyişdi. Van Aldin qızının həyəcanlandığını, narahatlıq keçirdiyini hiss etdi.

– Mən bilmirəm, – Rut titrək səslə dedi.

– Belə olmaz, qızım, – van Aldin alnını ovuşduraraq dedi, – mən bu işlə gözübağlı məşğul olmaq istəmirəm. Onun əlində ciddi dəlil olsa, biz peşmançılıq çəkə bilərik. Yaxşısı budur, sən heç nəyi məndən gizlətmə. Düzünü de, Derek o sözlərlə nəyə işarə edirdi?

– Dedim ki, bilmirəm! – Rut əvvəlki sözünün üstündə durdu.

– Yaxşı, onda mənə burdan çıxan kişinin kim olduğunu söylə! – van Aldin dodaqları əsə-əsə dedi.

– Hansı kişi? – Rut bunu elə soruşdu ki, guya heç nə başa düşmür.

– Mənim qabağımca sizdən çıxan kişini deyirəm. Mən onu əvvəllər də görmüşəm. Amma harada? Bax bunu xatırlamıram, – birdən qoca milyonçu dayandı, gözləri qəzəbdən parladı, əlləri titrəməyə başladı. Sanki onu ildırım vurmuşdu. – Lənət şeytana, yadıma düşdü. Qızım, o sənin sevdiyin, amma mənim səni vermək istəmədiyim adam idi!

Rutun bir anda bənizi ağardı. Dili topuq çala-çala dedi:

– Qraf… qraf de la Roşu deyirsən?

– Hə, hə, o idi indicə sizdən çıxan! Deməli, sən onunla yenə görüşürsən? Aydın oldu Derek otağımdan çıxanda nə demək istəyirmiş.

Rut günahkarcasına başını aşağı salmışdı.

– Demək istəyirmiş ki, siz məhkəmədə mənim başqa qadınla görüşdüyümü əsas gətirəcəksiniz, mən də deyəcəm ki, Rut da başqa kişi ilə görüşür, – van Aldin bu sözləri deyib yaxınlıqdakı kresloya çökdü. İki əli ilə başını tutdu. – Sən nə qədər böyük axmaqlıq elədiyini anlayırsanmı, Rut? Demək, mənim o qədər öyüd-nəsihətimdən sonra sən hələ də o adamla əlaqəni kəsməmisən? Aman Allah, bu nə işdir mənim başıma gəlir?!




BOŞANMA TƏHLÜKƏSİ


Derek qayınatasının otağından ildırım kimi bayıra atılanda dəhlizdə özünü saxlaya bilməyib bir qadınla toqquşdu. Qadından üzr istədi. Qadın onun üzrxahlığını təbəssümlə qarşıladı. Onun qəşəng ala gözləri vardı.

Qayınatası ilə olan söhbət Dereki haldan çıxarmışdı. Nahar etdikdən sonra Mirelin evinə üz tutdu. Mirel məşhur rəqqasə idi. Rut məhz ona görə Derekdən ayrılmaq istəyirdi. Mirel Dereki sevmirdi. Derek ona «pul ağacı» kimi lazım idi.

Mirelin evi Şərq üslubunda bəzədilmişdi. Otaqlar ərəb əmirlərinin saraylarına oxşayırdı. Dereki görən kimi Mirel onun boynuna sarıldı. Amma gördü ki, Derekin qanı qaradır. Nə baş verdiyini soruşdu.

– İşlər xarabdır, – Derek paltosunu çıxarıb stulun üstünə atdı. – Qayınatam istəyir ki, Rut məndən boşansın. Bilirsən bu nə deməkdir?

– Bilirəm, fəlakətə bərabərdir! Sənin bu qədər borc içində olduğun vaxtda heç yerinə düşmədi, – Mirel qanıqara şəkildə dedi. – O niyə boşanmanızı istəyir?

– Sənə görə, əzizim.

– Bu ki axmaqlıqdır! – Mirel təəccübləndi.

– Axmaqlığın lap yekəsidir! – deyə Derek başı ilə təsdiqlədi. – Mənim van Aldinə gücüm çatmaz. Onun pulu çox, mənimsə cibimdə siçanlar oynaşır.

– Onda başqa şey fikirləş, – Mirel dedi.

– Nə fikirləşim? Başım şişib, nə edəcəyimi bilmirəm.

– Deyəsən, Rut sənlə evlənəndə van Aldin onun adına çoxlu pul keçirmişdi, eləmi?

– Hə, iki milyon funt-sterlinq[1 - Funt-sterlinq – Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığının rəsmi pul vahidi]!

– Böyük məbləğdir. Rut qəfildən vəfat etsə, o pullar sənə qalacaq.

– Bu, axmaq təsəllidir. Rut sağlamdır, onun tezliklə öləcəyini, o pulların da mənə qalacağını gözləmək boş şeydir.

– Sağlam olsun, nə deyirəm. Amma hər cür qəza, bəd hadisə ola bilər.

Bunu deyib Mirel bic-bic gülümsədi. Derek iti nəzərlərlə onu süzüb heç nə demədi. Mirelin nəyə işarə etdiyini bilirdi. Mirel demək istəyirdi ki, Rutu qəzaya, ya da başqa bir bədbəxt hadisəyə düçar edib aradan götürmək olar. Nəticədə Derekə arvadından çoxlu pul qalacaqdı. Bu pulla o, borclarını ödəyəcək, üstəlik də kefi istədiyi kimi yaşayacaqdı.

– Deyəsən, ağlına batmadı, – Mirel Derekin tərəddüd içində olduğunu duyub sükutu pozdu, – onda başqa yol var. Sən Rutu şantaj elə!

– Necə? – Derek təəccüblə soruşdu.

– Bilirsən ki, Rut hələ də qraf de la Roşla görüşür. Qız Fransaya ayın 14-də məhz qrafla görüşməyə gedir. Əgər bunları qəzetlərə danışacağını desən, van Aldin də, qızı da qorxuya düşəcək. Hər halda, onlar biabır olmaq istəməzlər. İşi belə görüb ya boşanma məsələsindən vaz keçəcəklər, ya da sənə çoxlu pul təklif edəcəklər.

Mirel ağlına gələn bu fikirdən çox məmnun idi. Öz ağlına heyran qalmışdı. Derek isə nə deyəcəyini bilmədi. Nəhayət, dilləndi:

– Mirel, bilirsən ki, səndən başqa heç kimim yoxdur. Bir tərəfdən boşanma məsələsi, o biri tərəfdən borclar. Lap başımı itirmişəm. Yəqin, heç olmasa, sən sonadək mənə arxa olacaqsan, hə?

Mirel azca fikrə getdi. Sonra gülüb dedi:

– Mən sənə yaxşı yol göstərdim. Dediyimi eləməsən, borclu olduğun adamlar səni məhv edəcək. Məhv olmasan da, dilənçi halına düşəcəksən. Bu isə elə ölümə bərabərdir. Onda sən mənim nəyimə lazımsan ki?!

Ürəkdən sevdiyi qadının sözləri Derekə pis təsir etdi. Mireli acıqla süzdü. Sonra şlyapasını, paltosunu götürüb güllə kimi otaqdan çıxdı.

Yolboyu çox düşündü. Axırda qərara aldı ki, bu vəziyyətdə ən yaxşısı səbirli olmaqdır. Gəzə-gəzə turist şirkətlərindən birinə gəlib çıxdı. Fransaya bilet sifariş elədi.

– Ayın neçəsinə, cənab? – şirkət işçisi soruşdu.

– On dördünə. Ən yaxşı qatar hansıdır?

– Əlbəttə, ən yaxşısı «Mavi qatar» dır.

Derek başı ilə razılığını bildirdi. Bileti alıb cibinə qoydu. Geri çevrilmək istəyəndə az qaldı bir xanımla toqquşsun. Amma onu bu yox, başqa şey təəccübləndirdi. Derek bu gün həmin xanımı artıq ikinci dəfə görürdü. Birinci dəfə van Aldinin otağından çıxanda, ikinci dəfə isə indi.

Derek xanıma üzrxahlıq edib şirkətdən çıxdı. Birbaşa evə gəldi. Otağına keçib kürsüsündə oturdu. Çox qəmgin idi. Düşdüyü vəziyyətə gah acıyır, gah da gülürdü. Bu vaxt qulluqçu içəri girdi. Bildirdi ki, Nayton adlı bir nəfər onu görmək istəyir.

– Nayton? – Derek yerində qurcalanıb öz-özünə pıçıldadı. – Xeyir ola, onu bura nə gətirib?

– İçəri dəvət edimmi, cənab? – qulluqçu soruşdu. Derek başının işarəsi ilə razılıq verdi.

Bir dəqiqədən sonra artıq Nayton içəridə idi. Derek onun əsəbi olduğunu hiss etdi.

– Deyəsən, mənim yanıma gəlmək xoş deyil… – Derek gülümsündü.

– Hə, – Nayton sərt tonda dedi. – Kaş ki van Aldin sizin yanınıza başqa adam göndərəydi.

– Yaxşı, onda burada çox qalmamaq üçün gəlişinizin məqsədini deyin, – Derek Naytonun ona qarşı əsəbi münasibətinin səbəbini bilməsə də, nəzakətlə dedi.

– Cənab van Aldin məni sizin yanınıza bir təkliflə göndərib. Əgər siz Rutla boşanmağa razılaşsanız, cənab van Aldin sizə yüz min funt-sterlinq verəcək.

Hər ikisi susdu. Derekin qaşları çatılmışdı. Yüz min funt-sterlinq böyük puldur. Bu pul əylənmək, gəzib-dolaşmaq üçün Derekə xirtdəyəcən bəs edərdi.

– Əgər mən bu gözəl təklifi qəbul etməsəm, necə olar? – Derek istehza ilə Naytondan soruşdu.

– Cənab van Aldin dedi ki, təklifi qəbul etməsəniz, sizin üçün çox pis olacaq.

– Hə, hə, o bunu bacarar. Axı onun pulunun nə sayı var, nə hesabı. Amma get o sarsaq qayınatama de ki, rədd olsun onun özü də, təklif etdiyi rüşvət də! Aydındırmı?

– Aydındır! – Nayton bunu deyib getdi.




QATARLA SƏYAHƏT


Beləliklə, ayın on dördü gəlib çatdı. Rut və qulluqçusu artıq «Mavi qatar» da yerlərini tutmuşdular. Qatarın tərpənməsinə hələ bir qədər vardı. Rut birdən pəncərədən atasını gördü. Tez qatardan düşüb onun boynuna sarıldı:

– Atacan, bəs demişdin məni yola salmağa gələ bilməyəcəksən?

– Hə, qızım, demişdim. Vacib iclas vardı, – van Aldin Rutu qucaqlayıb dedi, – amma yüz elə iclas qurban olsun sənə. Heç nə səndən vacib deyil.

Rut atasının bu qayğıkeşliyindən kövrəldi:

– Səndən yoxdu, ata!

Qatarın fit səsi eşidildi. Ata-bala yenidən qucaqlaşdılar. Rut vaqona qalxdı. Qatar tərpəndi. Rut vaqonun geniş dəhlizində dayanmışdı. Birdən yanında duran qadına diqqətlə baxmağa başladı. İlk baxışdan bu alagöz xanım onun ürəyinə yatdı. Belə adamla dərdləşmək, ona ürək açmaq olardı. Rut gülümsünüb əlindəki jurnalı vərəqlədi. Amma fikri başqa yerdə idi. «Həyatımda hansı xoşbəxtliyi görmüşəm? – O, fikrindən keçirirdi: ‒ Axı onsuz da heç kim heç nə bilməyəcək. Belə isə niyə də xoşbəxt olmamalıyam?!» Bir az sonra Rut vaqon-restorana getdi. Orada boş yer tapmaq çətin idi. Ofisiant onu tək oturmuş bir qadının masasında əyləşdirdi. Təsadüfə bax, bu, Rutun vaqonda gördüyü alagöz xanım idi.






Rut atasıyla vidalaşdığı zaman yanında gülərüzlü bir qadının durduğunu gördü. İlk baxışdan bu alagözlü qadın onun ürəyinə yatmışdı.



Onlar bir-birinə ötəri gülümsədilər. Çox keçmədi ki, xörəkpaylayan hərəsinin qabağına bir qab şorba qoydu. Yemək bitəndən sonra çay gəldi. Aralarındakı sükutu alagöz xanım pozdu:

– Xanım, bağışlayın, ola bilər sualım sizə ədəbsiz görünsün. Amma soruşacağam: mənə elə gəlir ki, siz nə barədəsə dərin həyəcan keçirirsiniz, elədirmi?

– Siz tamamilə haqlısınız, – Rut köks ötürüb təsdiqlədi, – başağrısı olmasaydı, hətta niyə həyəcan keçirdiyimi də deyərdim. Çünki ilk baxışdan siz mənə doğma bir adam kimi göründünüz.

Bu qadının adı Katarina idi. Onun otuz üç yaşı vardı. On il yaşlı və kimsəsiz bir qadının qulluqçusu olmuş, onun nazı ilə oynamışdı. Həmin qadın öləndə bütün varidatını Katarinaya bağışlamışdı. İndi isə Fransada yaşayan xalası qızı ledi Tomplingilə gedirdi. Uzun illər onu unutmuş bu qohumu Katarinanın varlandığını eşidən kimi onu evinə qonaq çağırmışdı.

Qulluqçuluq həyatı Katarinaya başqalarına qayğı ilə yanaşmağı öyrətmişdi. Odur ki Ruta baxıb nəzakətli bir səslə dedi:

– Nə başağrısı, canım, buyurun.

– Onda gedək mənim kupemə.

Hər ikisi birlikdə kupeyə gəldi. Rut içəridən bir-birinə girişi olan iki kupe götürmüşdü. Onlar arxa kupedə oturdular.

Rut sözə başladı:

– Mən böyük bir bəlaya düşmüşəm. Çox xoşladığım bir kişi var. İndi Parisə onunla görüşə gedirəm. Biz gənc yaşlarımızdan bir-birimizi sevirdik. Amma bizi qəddarcasına ayırdılar. Ərim yaramaz adamdır, məni çox incidir, hamının içində rüsvay eləyir. Mən bu biabırçılığa dözə bilmirəm. Atam istəyir ki, boşanım. Amma xəbəri yoxdur ki, başqa bir adamla görüşə gedirəm. O bunu bilsəydi, mənə çox pis baxardı.

– Bəyəm fikirləşmirsiniz ki, bu, doğrudan da, çox pis işdir? – Katarina maraqla soruşdu.

– Fikirləşirəm. Amma daha gecdir. Yolun yarısından dönmək olmaz.

– Niyə olmaz?

– Çünki hər şey qabaqcadan planlaşdırılıb. Bir də ki bu məni gözləyən adam üçün çox pis olar. O buna dözməz.

– Narahat olmayın, hələ belə şeyə görə heç kim ölməyib.

– O düşünəcək ki, mən qorxağam, gücsüzəm. İnsan məqsədinə çatmaq üçün sonadək dözməlidir.

– Boş şeydir.

Rut hər iki əli ilə sifətini örtdü. Bir müddət heç biri danışmadı. Nəhayət, Rut ağlamsınırmış kimi boğuq səslə dedi:

– Bilirsiniz, məni həyəcanlandıran bu deyil. Ürəyimə damıb ki, məni dəhşətli hadisə gözləyir. Daha çox bundan qorxuram.

– Bu fikri başınızdan çıxarın. Elə növbəti stansiyanın birində düşüb atanıza teleqram vurun. Qoy o da Parisə gəlsin. Atanız sizə kömək edər, hər şey qaydasına düşər.

Rut bu sözləri eşidən kimi əllərini üzündən çəkdi. Onun sifəti işıqlanmışdı.

– Düz deyirsiniz, – Rut dedi, – yazıq qoca o saat gələr.

Rut yenidən susdu. Aradakı sükut bir neçə dəqiqə çəkdi. Axırda Rut dilləndi:

– İndi çox yaxşıyam, xanım. Danışdım, ürəyim boşaldı. Sizin məsləhətiniz doğrudur. Elə də edəcəyəm. Bağışlayın ki, vaxtınızı aldım.

– Çox şadam ki, özünüzə gəldiniz, – Katarina mehriban səslə dedi. – İndi isə icazə verin mən öz kupemə gedim.

Rut bir daha Katarinaya təşəkkür etdi. Katarina dəhlizə çıxdı. Bu vaxt axırıncı kupenin qapısı açıldı. Bir qadın başı göründü. Amma Katarinanı görən kimi tez də qapını örtdü. Qadının sifəti Katarinaya tanış gəldi. Nə illah elədisə, onu harada gördüyünü xatırlaya bilmədi. Öz kupesinə çəkildi. Yerinə uzanıb Rut haqqında xeyli fikirləşdi. Beləcə, gözlərinə yuxu getdi.

Katarina ayılanda qatar Lion vağzalında dayanmışdı. O buna çox sevindi. Düşüb platformada bir az gəzmək istədi. Bu vaxt kimsə vaqonun pəncərəsindən yeməklə dolu bir zənbili içəri verdi. Zənbili Rutun qulluqçusu aldı. Katarina platformada bir neçə dəqiqə gəzişib yerinə qayıtdı. Bir kitab götürüb vaqon-restorana getdi. Özü üçün masa seçib əyləşdi. Qəhvə sifariş verdi. Sonra kitabı açıb oxumağa başladı. Bu vaxt masaya bəstəboy bir kişi yaxınlaşdı. Salam verdikdən sonra soruşdu:

– Xanım, görürəm macəra romanı oxuyursunuz. Belə kitablar xoşunuza gəlir?

– Hə. Orada yazılanlar həyatda baş verməsə belə, bu kitablar adamın fikrini dağıdır, əyləndirir.

– Bəzən baş verir, xanım qız, – bəstəboy kişi Katarin ilə razılaşmadı, – qulağımın dibində elə hadisələr baş verib ki… Bəyəm siz yanınızda maraqlı bir hadisənin baş verməsini istəmirsiniz?

Sual gözlənilməz olduğundan Katarina duruxdu. Nə deyəcəyini bilmədi.

– Mənə elə gəlir ki, istəyirsiniz. Gözlərinizdən oxuyuram ki, siz maraqlı əhvalatlara can atırsınız.

Bunu deyib bəstəboy kişi ondan uzaqlaşdı. Katarina qəhvəni içib kitab oxuduqdan sonra gec olduğunu xatırlayıb kupeyə getdi. Rutun kupesinin qarşısından keçəndə qapının açıq olduğunu gördü. Rut üzü pəncərəyə dayanıb bayıra baxırdı. Qulluqçusu gözə dəymirdi. Katarina öz kupesinə keçdi.




AMANSIZ QƏTL


Gecənin bir aləmi Katarina yuxudan diksinib ayıldı. Saata baxdı. Saat yatdığından neçə olduğunu bilmədi. Bədənindən gizilti keçdi. Narahatlığı get-gedə artdığından xalatını çiyninə atıb dəhlizə çıxdı. Dəhlizdə heç kim yox idi. Pəncərəni açıb soyuq havanı acgözlüklə ciyərlərinə çəkdi. Sonra vaqon bələdçisindən vaxtı öyrənmək fikrinə düşdü. Saatını düzəltmək istəyirdi. Amma bələdçi yox idi. Elə bu vaxt Rutun kupesi ağzında bir kişi gördü. O, əllərini bağlı qapıya dirəmişdi. Tanıdı onu. Əvvəllər iki dəfə görmüşdü. Bir dəfə van Aldinin ofisinin qapısı ağzında, ikinci dəfə isə üç-dörd gün əvvəl Fransaya bilet alarkən. İkisində də toqquşmuşdular. İkisində də bu kişi Katarinadan üzr istəmişdi.

Çox keçmədi ki, kişi Rutun kupesinə girib qapını örtdü. Katarina da sakitcə öz kupesinə yollandı. Yerinə uzandı. Fikir onu götürmüşdü: kim idi bu kişi? Rutun görüşünə getdiyi adammı? Demək çətin idi.

Katarina yuxudan ayılanda gün təzəcə çıxmışdı. Səhər yeməyinə getdi. Gözləri ilə nə qədər axtarsa da, Rutu görmədi. Kupesinə qayıdanda artıq gün qalxmışdı, şüaları ətrafa yayılmışdı. Bələdçi Katarinanın yerini yığışdırırdı. Növbəti stansiyada düşməli idi. Odur ki yır-yığış elədi. Bir azdan qız artıq mənzilbaşında idi. Qatardan düşdü. Bu vaxt ona gənc bir kişi yaxınlaşdı.

– Siz Katarina deyilsiniz? – gənc kişi soruşdu.

– Bəli, – Katarina cavab verdi.

– Mənim adım Çabidir. Xalanız qızı ledi Tomplinin həyat yoldaşıyam. O sizi qarşılamağı mənə həvalə edib.

Elə bu vaxt onlara bir polis nəfəri yaxınlaşdı.






– Xanım, gərək bağışlayasınız, bir neçə dəqiqəliyə mənimlə getməli olacaqsınız. Narahat olmayın, ciddi bir şey yoxdur.



– Xanım, gərək bağışlayasınız, bir neçə dəqiqəliyə mənimlə getməli olacaqsınız. Narahat olmayın, ciddi bir şey yoxdur.

Katarina polis nəfərinin yanına düşüb getdi. Təəccüblü o idi ki, polis nəfəri Katarinanı «Mavi qatar» dan açılıb ehtiyat yolda saxlanmış vaqona tərəf aparırdı. Polis ondan vaqona minməyi xahiş elədi. Kupelərdən birinin qapısını açıb onu içəri dəvət etdilər. İçəridə daha iki nəfər vardı. Onlardan biri kök və məğrur görkəmli polis komissarı idi. Polis komissarı əyləşmək üçün Katarinaya yer göstərdi. Sonra dedi:

– Bizim sizə bir-iki sualımız var. Vaxtınızı çox almayacağıq. Əvvəlcə xahiş edirəm, dünən sizinlə birgə nahar edən xanım haqqında nə bilirsinizsə, danışın.

– Mən onunla qatarda təsadüfən tanış oldum.

– Amma nahardan sonra onun kupesində xeyli söhbət eləmisiniz, – polis komissarı əlindəki qələmi oynada-oynada dedi.

Katarina «doğrudur» deyib təsdiqlədi.

– Bilmək istəyirəm, siz orada nə barədə danışmısınız?

– Buna nə ehtiyac var?

– Nə ehtiyac var? – polis komissarı fikirli-fikirli dedi. – Məsələ burasındadır ki, bu səhər həmin xanımın meyiti kupedə tapılıb.

– Ölüb? – Katarina dəhşətə gəldi. – Nə olub? Ürəyi dayanıb?

– Xeyr! – polis komissarı səsini qaldırdı. – Öldürüblər.

– Öldürüblər?! – Katarina qışqırdı.

– Görürsünüz, sizin məlumatınıza ehtiyacımız var.

– Qulluqçusu məlumat verər.

– Qulluqçu yoxa çıxıb.

Katarina susdu. Bu vaxt kupenin qapısı arasından Katarina ilə dünən söhbət edən bəstəboy kişinin başı göründü.

– Sizə nə lazımdır? – polis komissarı acıqla soruşdu.

– Mən Herkül Puaroyam, – bəstəboy kişi sakitcə dedi.

– Puaro? – komissar həyəcanlandı, – məşhur detektiv Herkül Puaro?

– Hə, hə, özüdür ki var.

– Niyə qapının ağzında durmusunuz, keçin, keçin, – əl-ayağa düşmüş polis komissarı ona yer göstərdi.

Puaro Katarinanın yanında əyləşdi. Komissar dedi:

– Yəqin, sizin hadisədən xəbəriniz var.

– Hə, – detektiv dedi. – Mən təsadüfən bu qatarla gedirdim. Qətl baş verdiyini eşidib bura gəldim. Dedim, bəlkə, köməyim dəydi.

– Əlbəttə, sizin təcrübəniz bizə çox kömək edər, – komissar dedi. – Sizi bu xanımla tanış edim. Onun adı Katarinadır. Öldürülən qadınla sonuncu dəfə o söhbət edib.

– Biz tanışıq, – Puaro gülümsünüb üzünü Katarinaya tutdu – yadınızdadı, sizə nə söyləmişdim? Söyləmişdim ki, bəzən kitablarda oxuduğumuz dəhşətli hadisələr qulağımızın dibində baş verir. Heç bir gün keçmədi, dediklərim doğru çıxdı.

Sonra onlar birlikdə Rutun kupesinə getdilər. Onun meyitinin üzərinə ağ parça salınmışdı. Puaro parçanı qaldırıb Rutun üzünə baxdı. Katarina özünü saxlaya bilməyib hönkürdü.

Puaro Katarinaya sarı çevrilib dedi:

– Xanım, dünən siz burada olmusunuz?

– Hə, – Katarina göz yaşını silə-silə cavab verdi.

– Elə isə ətrafa diqqətlə baxın: kupedə bir dəyişiklik hiss edirsinizmi?

Katarina kupeni diqqətlə nəzərdən keçirdi. Qəfildən yadına nəsə düşdü.

– Hə, dəyişiklik var. Mən dünən bu kupedə olanda qırmızı rəngli qutu vardı. Onun üstündə «R.V.K.» yazılmışdı. Qutu qulluqçunun əlində idi. Məncə, qızıl-zinət qutusu idi.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289250) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes


Примечания





1


Funt-sterlinq – Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığının rəsmi pul vahidi



Dereklə evli olan milyonçu qızı Rut başqa birini – qraf Roşu sevir, onun yanına getmək üçün qatara minir. Elə həmin gecə qatarda qətlə yetirilir. Xəfiyyə Erkin Puaro qatili tapmaq üçün dərhal hərəkətə keçir…

Как скачать книгу - "Mavi Qatarın sirri" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Mavi Qatarın sirri" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Mavi Qatarın sirri", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Mavi Qatarın sirri»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Mavi Qatarın sirri" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги серии

Книги автора

Аудиокниги автора

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *