Книга - Qəhvəyi kostyumlu kişi

a
A

Qəhvəyi kostyumlu kişi
Aqata Kristi


Dünya ədəbiyyatından seçmələr
Özünü rus rəqqasəsi kimi qələmə verən Nadin adlı qadın beynəlxalq miqyaslı təxribatçı-agentin xidmətindən ayrılmaq istəyir və bununla da ağlasığmaz hadisələr zənciri başlayır.





Aqata Kristi

QƏHVƏYİ KOSTYUMLU KİŞİ





Proloq


Rus rəqqasəsi Nadin Parisi valeh etmişdi. Zalda alqışlar guruldayır, onu təkrar-təkrar səhnəyə dəvət edirdilər. Nadinin qrim otağı gül dəstələrinə bələnmişdi. Qulluqçu Janna rəqqasənin yan-yörəsinə keçir, boğazdanyuxarı xoş sözlər söyləyirdi. Qapı döyüldüyündən o, sözünə ara verməli oldu və qapını açmağa getdi, dərhal da əlində vizit kartı geri qayıtdı.

– Qəbul edəcəksinizmi, xanım?

– Ver baxım!

Nadin “Qraf Sergey Pavloviç…” sözlərini oxuyan kimi əmr etdi:

– Qoy gəlsin. Sən gedə bilərsən.

Qrim otağına bir kişi daxil oldu. O, rəqqasənin əlindən öpdü.

– Ürəkdən şadam. Böyük uğur qazanırsınız, Nadin! Sizi təbrik edirəm!

– Hər halda, ötən illərlə müqayisə etməyinə dəyməz. Budur, müharibə də qurtardı, ancaq hələ də mənim haqqımda cəfəng şayiələr gəzir. Bilirsinizmi, hiss edirəm ki, məni həmişə izləyirlər.

– Lakin o vaxt sizi casusluqda təqsirləndirə bilmədiklərini yaxşı xatırlayıram.

– Bizim şef ehtiyatlıdır.

– “Polkovnik”in yaşı çoxdur, – qraf zarafatla dedi. – Eşitmişəm, təqaüdə çıxmağa hazırlaşır. Əladır! Təqaüdə…

– Nə üçün bu sizi təəccübləndirir? O, oyundan çıxmaq istəyir və heç də əliboş getmir! Düzdür, o, başqalarını da incitməyib. Tapşırdığı işin haqqını həmişə yaxşı ödəyirdi. Belə deyilmi?

– Düzdür, – qraf razılaşdı. – “Polkovnik” əliaçıq idi, buna görə də onun əməliyyatları həmişə uğurla keçirdi. “Əməliyyatda şəxsən iştirak etmək” prinsipinə ciddi əməl edirdi. Beləliklə, hamımız onun əlində idik. Heç kimdə onu ilişdirməyə bir qarmaq belə yox idi! Nə deyəsən?!

Bir qədər susduqdan sonra isə qraf təbəssümlə əlavə etdi:

– Bilirsinizmi, bizim “polkovnik” xurafatçıdır. Eşitdiyimə görə, o, falçının yanına gedib. Hə, hə!.. Falçı ona uğur qazanacağını bildirib, ancaq xəbərdar edib ki, sarsıdıcı zərbəni ona… qadın vuracaq. Görünür, o, əvvəl-axır evlənəcək, gözəlçəsi də yığdığı milyonları havaya sovuracaq. Pulu göyə sovurmaq yığmaqdan asandır.

– Çətin ki… – Nadin gülümsədi və birdən ciddiləşərək dedi. – Dost, mən sabah Londona yola düşürəm.

– Bəs sizin müqavilə?..

– Bir günlüyə gedirəm. Özgə adı ilə… Kral ailəsinin üzvü kimi. Görürəm ki, səfərimin məqsədi sizi çox maraqlandırır.

– Əyləncə xatirinə getmədiyinizi hiss edirəm. Sərfəli işdir?

– Məncə, hə! Hər halda, siz heç də tam haqlı deyilsiniz; məsələn, deyək ki, ilişdirmək məsələsində. Şəxsən məndə şefin əleyhinə bəzi şeylər var. “De Birs” almazları barədə əhvalatı xatırlayırsınızmı?

– Əlbəttə! Kimberlidə! Bu, müharibədən əvvəl olmuşdu. Nədənsə işi ört-basdır etdilər. Deyirlər, həmin işdə qazanc pis deyilmiş.

– Yüz min funt-sterlinq! Əməliyyata “polkovnik” rəhbərlik edirdi. Mən iki cavan oğlanın Cənubi Amerikadan gətirdikləri bir neçə almazı dəyişdirməliydim.

– Məharətlə düşünülübmüş!

– Hə, pis deyildi. Şefin tapşırığını yerinə yetirdim, ancaq öz şansımı da əldən vermədim. Cənubi Amerikanın bir neçə “daşını” özümdə saxladım. Nadir daşlardır və istənilən vaxt asanlıqla təyin etmək olar ki, onlar “De Birs” kolleksiyasından deyil… hə, nə deyirsiniz? Bəyəm bu, şef üçün qırmanc deyil?

– İnanılmazdır! Bu almazlar…

– Onlar möhkəm yerdədir.

– Siz ki bilirsiniz, “polkovnik”ə hədə-qorxu gəlmək hər adamın işi deyil.

– Mən ondan qorxmuram! Qorxduğum bircə adam vardı ki, o da indi sağ deyil.

– Onun heç vaxt xortlamayacağına ümid etmək olar?

– Siz nəyə işarə edirsiniz?

– Üzr istəyirəm, – qraf karıxdı.

– Səfeh zarafatdan başqa bir şey deyil. Bəli, o ölüb! – Nadin dedi. – Müharibədə öldürülüb… O nə vaxtsa məni sevirdi.

– Cənubi Afrikada? Vətəninizdə?

Nadin başını tərpətdi.

– Nə deyim, özünüz bilən yaxşıdır, – deyib qonaq susdu, sonra əlavə etdi: – Hər halda, “polkovnik”dən ehtiyat edin.

– Onu əla tanıyıram.

– Son dərəcə şübhə edirəm.

– Çox nahaq, – Nadin qabardı. – Sabah Sauthemptona Cənubi Afrikadan gəmi ilə gələn, şefə qarşı əlində müəyyən dəlilləri olan bir nəfərlə görüşəcəyəm. Görürsünüzmü, mən tək olmayacağam.

– Həmin adama inanırsınızmı?

– Tamamilə! Öz aramızda qalsın, o mənim ərimdir.




I fəsil

(Anna Bedinqfeldin hekayəti)


Başıma gələn bu əhvalat barədə yazmağı çoxları məndən xahiş etmişdi. “Deyli badcet”in baş redaktoru lord Nesbidən tutmuş ta bizim keçmiş qulluqçu Emilyaya kimi. Axırıncı dəfə mən İngiltərədə olanda o, yenidən məni dilə tutmağa başladı: “İlahi, siz necə gözəl kitab yaza bilərsiniz, miss!”

Nə deyim, o haqlıdır. Axı mən əvvəldən axıradək bu işin içində, necə deyərlər, ölümün caynağında olmuşam. Hələ üstəlik, ser Yustas Pedlerin gündəliyi də əlimdədir.

Belə isə, irəli! Anna Bedinqfeld hekayətinə başlayır…

Uşaqlıqdan macəra arzusundaydım. Görünür, evimizdə həyat son dərəcə yeknəsəq olduğundan bu arzuya düşmüşdüm. Elm aləmində atam professor Bedinqfeldi insanaqədərki tarixə aid bütün məsələlərdə inkaredilməz şəxsiyyət sayırdılar. Əfsus ki, onun bu məşhurluğu pul gətirmirdi. Bizdə heç vaxt pul olmadığını yaxşı xatırlayıram. Belə ki, atam öləndə mən səksən yeddi funtla qalmışdım. Borcları ödəyəndən sonra ondan da məhrum oldum. Bu vaxt atamın dostu və elmi işlərinin pərəstişkarı Fleminq mənə xəbər göndərdi ki, özünün Londondakı evində arvadı ilə birlikdə professor Bedinqfeldin qızını görsələr, çox şad olarlar.

Londona gəldiyim elə birinci gün qərara alındı ki, mənə bir iş axtarmaq lazımdır. Axşam öz otağıma çəkiləndə güzgüyə yaxınlaşıb diqqətlə sifətimi nəzərdən keçirdim. Cəlbediciyəmmi? Güzgüdə görkəmimi seyr edib bərkdən: “Anna – macəra axtaran qadın”, – dedim.




II fəsil


Darıxdırıcı həftələr uzanırdı. Heç bir dəyişiklik yox idi. Ancaq qəti əmin idim: əgər macəra axtarırsansa, o özü gəlib səni tapacaq. İnsan həyatda yalnız istədiyinə nail olur.

Bu hadisə yanvarın 8-də baş verdi. İş axtarmaqdan evə qayıdırdım. Metroya daxil oldum. Camaat seyrək idi. Hansısa bir kişinin yanından keçəndə kəskin naftalin iyi məni vurdu. Görünür, kişi öz düşüncələrinə dalmışdı. Buna görə də yaxınlıqda dayanıb ona göz yetirməyə macal tapdım: üzü günəşdən yanmış balacaboy, mavigözlü, qarasaqqallı adam idi.

Elə bu an o mən tərəfə baxdı və məndən arxada nəsə gördü. Qorxudan sifəti əyildi. O, geri bir addım atdı və platformanın kənarında dayandığından arxası üstə relsin üstünə yıxıldı. Nəsə parladı, partıltı eşidildi. Dəhşətdən qışqırdım. Adamlar hadisə yerinə qaçıb gəldilər. Kişini qaldırıb platformaya uzatdılar.

– İcazə verin, keçim! – arxadan səs eşidildi, – mən həkiməm.

Xurmayı saqqallı, hündürboylu kişi irəli dürtülərək zərərçəkənin üzərinə əyildi:

– Keçinib, – dedi.

Adamlar hələ də meyitin ətrafına yığışmışdılar. Camaatdan aralanıb çıxış yoluna tərəf tələsdim. Qabağımca bayaqkı həkim gedirdi. Liftə girdiyi anda onun cibindən bir kağız parçası yerə düşdü. Onu götürüb həkimin ardınca götürüldüm, lakin liftin qapıları çırpıldı və kağız parçası əlimdə qaldı. Bloknotdan cırılmış vərəqdə bu yazılmışdı: “17.1 22 Kilmorden qəsri”.








Vərəq əlimdə dayanmışdım və birdən bayaqkı tanış qoxunu duydum. Kağızı burnuma yaxınlaşdırdım. Naftalin! Qeyri-iradi kağızı çantamda gizlədərək liftə girdim.

Evdə missis Fleminqə metroda baş vermiş hadisə barədə danışdım. O məni bir fincan çay içməyə məcbur etdi. Bir az sakitləşəndən sonra öz otağıma qalxdım və baş vermiş hadisəni bütün təfərrüatı ilə xatırlamağa çalışdım. Həkimin zərərçəkəni müayinə etməsini müşahidə etdiyim zaman məni birdən nə üçün qəribə hislər bürüdüyünü başa düşməyə çalışırdım. Döşəmədə oturub platformada uzanmış adamın vəziyyətini aldım. Sonra özümü həkimin yerində təsəvvür etdim, onun hərəkətlərini təkrarladım və… hər şeyi anladım.

Mister Fleminq başıma gələnləri dinləyərək məsləhət gördü ki, polisə müraciət edim. Sonra soruşdu:

– Deyirsiniz yaxınlıqda heç kəs yox idi?

– Əminəm ki, məndən arxada kimsə dayanmışdı.

Həlak olanın cibindən yalnız Marloudakı evə baxmağa icazə kağızı tapıldığını öyrəndim. “Rassel” mehmanxanasında yaşayan L.B.Kartenin adına icazə kağızını mülk üzrə agentlik yazmışdı. Hotel xidmətçisi kişinin meyitini tanıyaraq bildirmişdi ki, bir gün əvvəl otaq tutub və qeyd dəftərində Cənubi Afrikadan, Kimberlidən olan L.B.Karten adı ilə qeyd olunub. Sonrakı hadisələrin yeganə şahidi isə mən idim.

– Siz onun nədənsə qorxduğunu təsdiq edirsinizmi? – müstəntiq soruşdu.

– Bəli, o, dəhşət içində bir addım geri çəkildi və…

– Yaxşı, onu nə qorxuda bilərdi?

– Deyə bilmərəm, ancaq nəsə vardı…

– Miss, bəs sizə qəribə gəlmirmi ki, metroda meyiti yoxlayan həkim sonralar heç görünmədi, nə adını, nə də ünvanını bildirdi?

Təbəssümü güclə saxladım. Axı bu haqda mənim öz fikrim vardı və onu Skotland-Yardla bölüşmək istəyirdim. Lakin səhər gözlənilməz xəbərlə açıldı. “Deyli badcet” qəzeti “Metrodakı hadisənin qəribə davamı”, “Boş evdə qadın meyiti aşkar olunub” kimi sensasiyalı sərlövhələrlə çıxdı. Qəzet yazırdı: “Marlouda, Mill-hausda sensasiya. Parlamentin üzvü ser Yustas Pedlerə məxsus Mill-haus villası kirayəyə verilir və ona baxmaq üçün qəbz metroda həlak olan şəxsin cibindən tapılmışdır. Dünən Mill-hausun otaqlarından birində gənc, gözəl qadının meyiti aşkar edilmişdir. Onu boğmuşlar. Ehtimal ki, qadın əcnəbidir, lakin hələlik şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Mill-hausun sahibi ser Yustas Pedler hazırda Fransada istirahətdədir”.




III fəsil


Əldə olan faktlardan aşağıdakılar məlum olurdu. Yanvarın səkkizində, təxminən gündüz saat birdə yaxşı geyinmiş bir qadın Naytsbricdəki “Batler və Park” agentliyinə daxil olub. Orada bildirib ki, London yaxınlığında, Temza sahilində ev almaq, yaxud kirayə tutmaq istəyir. Mill-haus da daxil olmaqla ona bir neçə ünvan təklif ediblər. Qadın özünü xanım de Kastina adlandırıb və deyib ki, “Rits” hotelində yaşayır. Halbuki orada bu adla heç kim qeyd olunmayıb, hotelin xidmətçiləri də öldürüləni tanıya bilməyiblər.

Ser Yustas Pedlerin bağbanının arvadı, villanın qapısı ağzındakı kiçik evdə yaşayan missis Ceymsin verdiyi ifadəyə görə, gənc xanım Mill-hausa gündüz saat üçə yaxın gəlib. Evə baxmaq üçün icazə vərəqini təqdim edib. Bir neçə dəqiqə keçmiş gənc kişi peyda olub. Qəhvəyi rəngdə kostyum geyinibmiş. Kişi izah edib ki, bu saat evə baxan xanımın dostudur və teleqram vurmaq üçün poçta girdiyindən onu bir dəqiqəliyə tərk edib. Beş dəqiqədən sonra gənc kişi qayıdıb, açarı qaytarıb və deyib ki, ev onlara sərf eləmir. Kişi tək olduğundan missis Ceyms fikirləşib ki, yəqin, xanım ondan əvvəl çıxıb. Səhərisi evə baxmaq üçün daha bir “cütlük” gəlib. Həmin vaxt da meyit tapılıb. Missis Ceyms ölənin dünən gələn qadın olduğunu tanıyıb. “Batler və Park” kontorunun agenti də öldürülmüş xanım de Kastinanı tanıyıb. Polis həkiminin rəyində yazılmışdı ki, qadın artıq bir sutkadır ölüb.

Polis və “Deyli badcet”in reportyorları səylə “Qəhvəyi kostyumlu kişini” axtarırdılar.

Missis Ceyms müəmmalı xanımın gəlişinə qədər evdə heç kimin olmadığına tam əmin idi. Deməli, bədbəxt xanım de Kastinanı ondan bir az sonra evə daxil olmuş “Qəhvəyi kostyumlu kişi” öldürüb. Hər şeydən göründüyü kimi, qadın qəflətən yaxalanmış və qalın, qara qaytanla boğulmuşdur.

Metrodakı hadisə isə adicə bir təsadüf kimi izah olunaraq ikinci plana keçdi və tezliklə hamı tərəfindən unuduldu. Yalnız məndən başqa. Qərara gəldim ki, Skotland-Yarda getməyi təxirə salmayım.

Məni inspektor Midouz qarşıladı.

– Sabahınız xeyir! Buyurun, əyləşin. Siz metrodakı hadisəyə görə gəlmisiniz, miss Bedinqfeld?

– Ölən kişinin cibində biletin olmaması sizə qəribə gəlmirmi? – deyə suala sualla cavab verdim.

– Yəqin ki, onu itirib, bəlkə də atıb.

– Pul da olmayıb, – mən davam etdim.

– Qəpik-quruş vardı.

– Belə olan halda qəzetlərdəki xəbərlərə həkimin heç bir reaksiya verməməsi, sizcə, təəccüblü deyil?

– Həkimlərin işi xirtdəyəcəndi. Qəzet oxumağa onlarda vaxt haradandı?

– Bəs əgər sizə desəm ki, o heç də həkim deyil, onda necə?

– Nə-ə?!

– O, həkim deyil!

– Nədən bilirsiniz, miss Bedinqfeld?

– Bilirsiniz, müharibə vaxtı mən hərbi hospitalda işləmişəm və həkimin yaralını necə müayinə etdiyini görmüşəm. Onların peşəkar hərəkətləri bu həkimdə yox idi. Bundan başqa, heç bir təbib ürəyə sağ tərəfdən qulaq asmır.

– Bəs o necə, sağdan qulaq asdı?

– Bəli. Əvvəlcə buna fikir vermədim. Ancaq sonra başa düşdüm. Evdə həmin səhnəni “oynayandan” sonra əmin oldum ki, o, həkim deyil.

– Hı-ııı… – inspektor fikrə getdi. – “Doktor”un zahiri görkəmini təsvir edə bilərsinizmi?

– Hündürboy, enlikürək, tündrəngli palto, qara çəkmələr, şlyapa, eynək… və şabalıdı saqqal.

– Aha, demək belə. İndisə ondan paltonu, saqqalı, eynəyi çıxardın və onu tapın görüm necə tapırsınız! Daha nə əlavə edə bilərsiniz, miss?

– Nə əlavə edərəm? “Doktorun” başı xalis braxisefalik (eni uzunundan artıq) idi. Bax bunu isə heç cür dəyişə bilməzsən!

Bu vaxt inspektor Midouzun qələminin tərəddüdlə donub-qaldığını məmnunluqla seyr etdim. O, açıq-aşkar “braxisefalik” sözünü necə yazmağı bilmirdi.




IV fəsil


Belə səfeh söhbət məni özümdən çıxartdı, buna görə də qəti addım atmaq mənə çox asan gəldi.

Skotland-Yarddan birbaşa lord Nesbinin evinə yollandım. Milyonçu lord Nesbi bir çox qəzetlərin sahibi olsa da, sevimli yetişdirməsi kimi “Deyli badcet” onun üçün daha əziz idi. Birləşmiş Krallıqda hamı onu məhz “Deyli badcet”in sahibi kimi tanıyırdı. Lordun evini tapmaq çətin iş deyildi. Düzdür, məni qəbul edəcəyinə inamım yox idi. Lakin təsadüf kömək etdi: Fleminqlərin hollunda markiz Loumslinin görüş vərəqi vardı. Onun kənarında karandaşla: “Zəhmət olmasa, miss Bedinqfeldi bir neçə dəqiqəliyə qəbul edin”, – yazdım və bu vərəqlə də Nesbinin malikanəsinə daxil oldum. Lord Nesbi məni qəbul etdi və bu xaşalqarın, yekəpər kişiyə baxmağa macal tapmamış o mənim üstümə bağırdı:

– Nə var? Loumisli nə istəyir? Onun katibəsisiniz? Nə olub?

– Hər şeydən əvvəl, – bacardığım qədər sakitcə cavab verdim, – mən lord Loumislini tanımıram, hətta onun da mənim mövcudluğum barədə heç bir təsəvvürü yoxdur. Bu vərəqi yaşadığım evdə tapmışam. Əlavəni də özüm yazmışam. Sizinlə görüşmək mənə vacib idi.

Bütün bunları hüdüləyib-tökəndən sonra qorxmuş halda susdum.

Bir anlığa elə bildim lordun beyninə qan vurdu. Ancaq o özünü birtəhər ələ alıb dedi:

– Həsəd aparılacaq soyuqqanlılıqdır, miss, daha keçib, sizə iki dəqiqə vaxt ayırıram.

– Kifayət edər, – tələsik cavab verdim. – Mill-hausda qətl!

– Qəhvəyi kostyumlu adamı tapmısınız?

– Xeyr, tapmamışam, lakin bu mümkündür.

Vəziyyəti qısaca şərh etdim. Qurtaran kimi Nesbi gözlənilmədən soruşdu:

– Başların tipləri haqqında haradan bilirsiniz?

Atam barəsində danışdım.

– Demək, siz professor Bedinqfeldin qızısınız? Yaxşı, deyin görüm, nə istəyirsiniz?

– Qəzetinizdə işləmək fikrindəyəm! İstəyirəm bu işi araşdıram.

– Lakin, miss, bu iş üçün öz adamlarımız var.

– Məndə isə sensasiyalı məlumatlar var.

– Bu danışdıqlarınızdı? Cəmi-cümlətanı beş-üç kəlmə?

– O-o… yox, lord Nesbi! Məndə başqa şeylər də var!

– Hə-ə… deyəsən, zirək qızsınız? Di döşəyin gəlsin!

– Yalançı həkim liftə girəndə cibindən kağız parçası düşmüşdü. Həmin kağız məndədir. Kağız naftalin iyi verir. Metroda həlak olan kişinin paltosundan da həmin iy gəlirdi. Güman edirəm ki, özünü həkim kimi qələmə verən şəxs vərəqi onun cibindən çıxarmışdı. Vərəqdə iki söz və bir neçə rəqəm yazılmışdır.

Lord Nesbi saymazyana əlini uzatdı:

– Verin baxım!

– Heç cür vermərəm, – deyə gülümsədim, – axı onu mən tapmışam.

– Deyəsən, həqiqətən, bacarıqlı qızsınız! Deyəsən, kağızı polisə vermədiyiniz üçün vicdan əzabı-zad çəkmirsiniz.

– İnspektor məni dinləmək belə istəmədi.

– Uzaqgörən adam deyil. Yaxşı, öz versiyanızı hazırlamaqda davam edin. Əgər maraqlı bir şey tapsanız, dərc olunmaq imkanı əldə edərsiniz. “Deyli badcet”də istedadlı materiallara həmişə yer tapılar. Ancaq çalışmaq lazımdır. Başa düşdünüzmü?




V fəsil


Evə qayıdaraq otağıma çəkildim, sonra “həkim”dən qalmış qeyd vərəqini də götürüb, Allah bilir, neçənci dəfə oxuyub izah etməyə çalışdım. Bu beş rəqəmdə – 17. 122 – sirrin cavabı gizlənmişdi…

Ağlıma min fikir gəlirdi: “Kilmorden qəsri”. Hansısa zadəgan ailəsinin dədə-baba yuvası? İtmiş varis? Gizlədilmiş varidat? Əgər bunlar düzdürsə, onda rəqəmlər sirrin koordinatlarını göstərir. Bir addım sağa, yeddi addım sola, iyirmi iki pillə aşağı… Yox! Mütləq cinayət baş verən yerdə – Marlouda olmalıyam. Agentliyin gülərüz xidmətçisi seçmək üçün mənə bir neçə ünvan təklif etdi.

– Sizdə daha nə var? Məsələn, çay sahilində, bağ-bağatlı? – Sonra Mill-hausa uyğun gələn bir neçə əlamət də əlavə etdim.

– Ser Pedlerin də villası kirayəyə verilir, ancaq bu, Mill-hausdur. Yəqin ki, qəzetlərdə oxumusunuz.

– Bəs haradadır sizin bu Mill-haus? – qətiyyətlə onun sözünü kəsdim.

– Marlouda, necə olub ki, eşitməmisiniz? Bu günlərdə orada qətl törədilib, çətin ki razılaşasınız…

On beş dəqiqə sonra Mill-hausda idim. Qapıda məni əsəbi, yaşlı qadın qarşıladı.

– Bu evə heç kəs girməyəcək! Eşidirsinizmi? Reportyorların əlindən lap təngə gəlmişəm!

– Axı mənim bildiyimə görə, ev kirayəyə verilir?

– Ah, bağışlayın, miss, elə bildim jurnalistsiniz. Bir dəqiqə də sakit buraxmırlar. Ev, əlbəttə, hələ ki kirayəyə verilməyib, ancaq çətin ki onu götürən ola.

– Bir hadisəmi baş verib? – həyəcanla soruşdum.

– Aman Allah! Bəyəm burada öldürülən əcnəbi qadın haqqında eşitməmisiniz?

– Bu haqda qəzetlərdə nəsə oxumuşdum, – etinasızlıqla necə gəldi cavab verdim.

– Hələ oxumamısınız? Bu barədə bütün qəzetlər yazıb. Polis hələlik susur, amma məncə, canini tutarlar. Onu da, qadını da yaxşı xatırlayıram. Qadın bax orada dayanmışdı, siz dayanan yerdə.








– Qadın sarışın, yoxsa qarabuğdayı idi? Qəzet şəkillərindən ayırd etmək olmur.

– Hə, saçları qaraydı. Sifəti isə ağ. Dodaqlarını qalın rəngləmişdi. Belələrindən heç xoşum gəlmir. Pudra və pomada qaydasında olsa yaxşıdır.

– Qadın pərişan görünmürdü? – soruşdum.

– Qətiyyən! Elə səmimi gülümsəyirdi ki! Səhərisi onun meyitini evdən tapanda az qala ağlım başımdan çıxacaqdı. Ser Yustas olmasaydı, heç nə məni burada saxlaya bilməzdi.

– Qəzetlərin yazdığına görə, hazırda o, Kanndadır.

– Düzdür, miss, orada idi, lakin baş vermiş hadisəni eşidən kimi İngiltərəyə qayıtdı. Amma gənc kişi, dəqiq deyə bilərəm ki, dilxor idi. Evdən də beləcə həyəcanlı çıxdı. Ancaq o vaxt buna əhəmiyyət vermədim.

– Orada çox qaldı?

– Evdəmi? Yox, canım. Beşcə dəqiqə.

– Hündür idimi? Məsələn, altı fut.

– Desəm ki, az deyildi, inanın.

– Üzü təmiz qırxılmışdı?

– Hə. Nə bığı vardı, nə də saqqalı.

– Bəs siz onun başının formasına fikir vermədiniz ki?

– Başı adi idi, mis… hə-ə, açarı verimmi? Sizi ötürərdim, amma…

Açarı alıb evə tərəf addımladım. İndi aydın idi ki, Mill-hausda olan centlmenlə metrodakı “həkim” arasında fərq yoxdur. İntuisiya mənə başqa versiya da deyirdi: metroda həlak olan şəxslə xanım de Kastina, şübhəsiz, Mill-hausda bir-biri ilə görüş təyin etmişdilər.

Metrodakı kişi qəfildən “doktoru” görərək özünü itirmiş və həlak olmuşdur. Bəs “doktor”? O, həlak olanın cibindən vərəqi tapır, qiyafəsini dəyişərək Marlouya tələsir.

Budur, Mill-hausun qapısı ağzındayam. Alçaqtavanlı holl isti idi, kif iyi gəlirdi. Ev sanki sahibsiz idi. Qeyri-iradi səksəndim. Görəsən, gülümsəyərək bu otağa daxil olan qadın nə fikirləşirdi?

Ürəyimin bərk döyündüyünü hiss etdim. Həqiqətənmi ev boşdur? Bəlkə, məni də burada ölüm hərləyir? Bu evin ab-havasından həyəcan, qəzəb, qəddarlıq süzülürdü.




VI fəsil


Həyəcanı və inamsızlığı dəf edərək yuxarı mərtəbəyə qalxdım. Faciənin baş verdiyi otağı axtarıb tapmaq çətin deyildi. Meyitin tapıldığı gün leysan yağış yağırdı və buna görə də döşəmədə çoxlu ayaq izləri qalmışdı.

Budur, bu da otaq. İçərisi bomboşdur. Bloknot və qələm çıxartdım. Lakin yazmalı heç nə yox idi. Qələmi çantama qoymaq istəyirdim ki, birdən sürüşüb düşdü və eyvanın qapısına tərəf diyirləndi. Qələmi yerdən götürüb qapını açdım. Onun altında yarıq vardı. Əyilib qurdaladım və əlimə “Kodak” firmasının fotokaseti keçdi. Bu da tapıntı!

Kaset doldurulmuşdu və… naftalin iyi verirdi. Onu kim itirmişdi? Nə vaxt? Metroda həlak olan adam burada olmayıb. Demək, “həkim”? Plyonkanı aşkarlamaq kifayətdir, onda hər şey aydınlaşacaq!

Mill-hausu tərk etdim. Londona qayıdanbaş yolda vərəqi bir də oxudum və birdən rəqəmlər mənə başqa cür göründü: 17.1.22… Bəlkə, bu, ayın tarixidir? Məsələn, 17 yanvar 1922-ci il? Lakin bu gün yanvarın on dördüdür və deməli, Kilmorden qəsrindəki hansısa hadisəyə cəmi üç gün qalıb.

Ertəsi gün tələsik Recent-stritə getdim. Qiymətli plyonkanı emalatxanaya verib təcili bütün kadrların çıxarılmasını xahiş etdim. Bir neçə dəqiqə sonra qulluqçu kaseti geri qaytararaq sıxıla-sıxıla dedi:

– Mənə belə gəlir ki, miss, kaseti səhv salmısınız. Bu plyonka tərtəmizdir, çəkilməyib.

Hiddətimi çətinliklə gizlədərək emalatxanadan çıxdım. Həyatımda heç vaxt belə axmaq vəziyyətə düşməmişdim.

Nəhayət ki, möcüzə baş verdi! Paroxod kontorunun yanından ötərkən gözüm pəncərəyə qoyulmuş gəmi modelinə sataşdı. Üzərindəki “Kilmorden qəsri” yazısı nəzərə çarpırdı. Qəfil sevincdən yerimdə donub-qaldım, sonra isə ofisə, demək olar, soxuldum. Klerkin sual dolu baxışlarını görəndə isə nəfəsimi dərmədən dedim:

– Kilmorden qəsri!

– On yeddisində Sauthemptondan yola düşür. Keyptauna istəyirsiniz? Birinci, ya ikincidərəcəliyə? Birinciyə səksən funtdur…

Təsadüfə bax! Bu, qismətdir! Üstümdə məhz bu qədər pul vardı!

Klerkin sözünü kəsərək qətiyyətlə: “Birincidərəcəli”, – dedim.




VII fəsil

(ser Yustas Pedlerin gündəliyindən)



Görünür, mən heç vaxt rahatlıq tapmayacam. Mən isə məhz sakit həyatı xoşlayıram. İstədiyim yalnız rahatlıqdır. Lakin böyür-başımda tez-tez müxtəlif hadisələr baş verir.

Bax bu gün səhər Qay Peycet əlində teleqram yataq otağıma soxuldu. Elə sifət almışdı ki, sanki gəmiləri batıb.

Peycet mənim katibimdir. Çalışqan, əməksevər, bir sözlə, yaxşı adamdır. Halbuki məni heç kim onun qədər narahat etmir. Ondan yaxa qurtarmaq üçün az bəhanə aramamışam. Amma özünüz deyin, adamı yalnız işi əyləncədən üstün tutaraq səhərdən axşamadək çalışdığına, zərərli vərdişlərdən uzaq olduğuna görə işdən çıxarmaq olarmı? Peycetin yeganə, həm də qəribə nöqsanı sifətində idi. Onun sifəti XIV əsrdə yaşamış adam zəhərləyənlərin sifətinə oxşayırdı.

Ötən həftə ağlıma gözəl bir fikir gəldi. Onu Florensiyaya göndərməyi qərara aldım. O mənə Florensiya barədə danışdı və üstüörtülü işarə etdi ki, orada olmağı arzulayır.

– Əzizim, – deyə sevindim, – günü sabah gedin. Bütün xərcləriniz mənim boynuma.

Sonrakı həftəni gözəl keçirdim. İstədiyimi elədim. Lakin bir neçə gün sonra o, səhər tezdən qarşımda peyda oldu. Xoş günlərimə son qoyulduğunu anladım.

– Əzizim Peycet! Bu nədir, dəfn mərasiminə hazırlaşırsınız?

Yumor hissindən tam məhrum olan Peycet çaşdı.

– Necə? Siz artıq hər şeyi bilirsiniz, ser Yustas?

– Nəyi bilirəm?

– Ser, bilirəm, ertədən durmağı xoşlamırsınız. Ancaq artıq saat doqquzdur! – səhər saat doqquzun günorta olmasına Peycet tam əmin idi. – Fikirləşdim ki, belə vəziyyətdə…

– Bir deyin görək, axı nə olub?

– Polisdən teleqram gəlib. Marlouda, sizin evdə qətl baş verib!

– Belə de! – ucadan dilləndim. – Nə üçün məhz mənim evimdə?

– Bu haqda heç nə yazılmayıb. Belə hesab edirəm ki, tezliklə İngiltərəyə qayıtmalıyıq.

– Niyə ki?

– Polis…

– Polisin nə dəxli var bura?

– Axı bu sizin evinizdir!

– Hə, bədbəxtlikdən mənimdir. Ancaq mənim günahım deyil.

– Üstəlik, öldürülən əcnəbidir.

– İlahi! Ümid edirəm ki, bu, Karolinanı o qədər də məyus etməz.

Aşpaz Karolina Ceyms bağbanımın arvadıdır. Əla xörəklər bişirir. Elə buna görə də əri bikara bağban olsa da, dözürəm.




(Üç gündən sonra)


Qeyri-adi hadisələr baş verirdi. İndicə Avqustus Milreylə qarşılaşdım. Bu adam bizim hazırkı hökumətdə heç də az olmayan köhnə uzunluqların xalis nümunəsi idi. O məni kənara çəkib müəmmalı şəkildə Cənubi Afrikadakı vəziyyət, baş verə biləcək tətillər və hansısa “gizli fəaliyyətlər” barədə danışdı. Nəhayət, səsini alçaldaraq pıçıltıya keçən Milrey xəbər verdi ki, hansısa mühüm sənədləri general Smatsa çatdırmaq lazımdır.

– Çatdırın da, – əsnəməyimi saxlayaraq razılaşdım.

– Bəs bunu necə edək? Vəziyyət çox qarışıqdır.

– Poçtla göndərin.

– Əzizim Pedler, adi poçtla?!

– Əgər poçtla istəmirsinizsə, onda adamlarınızdan biri ilə göndərin.

– Bu mümkün deyil. Əmin olun ki, ehtiyat etməyə əlimizdə tam əsas var. Ciddi əsas.

– Bütün bunlar son dərəcə maraqlıdır, ancaq bağışlayın, tələsirəm…

– Bir dəqiqə, əzizim Pedler. Bu yaxınlarda Cənubi Afrikaya getməyə hazırlaşdığınız düzdürmü?

– Bəli, iki həftədən sonra.

– Bir az tez gedə bilməzsinizmi? Tutalım bir həftədən sonra?

– Mənə poçtalyon rolunu tapşırmaq istəyirsiniz?

– Bayaqdan elə bu barədə danışmaq istəyirəm. Üstəlik, sizin qeyri-rəsmi şəxs vəziyyətində olmağınız… Ümidvaram ki, hər şey əla olacaq.

– Nə deyim… Etiraz etmirəm.

– Sizdən çox razıyam, Pedler, lap çox! Şəxsən generala. Əldən-ələ, başa düşürsünüz? “Kilmorden qəsri” şənbə günü yola düşür. Gözəl gəmidir.

Axşam eşikağası Yarvis mənə yaxınlaşıb dedi:

– Ser, bir centlmen sizi görmək istəyir. Deyir ki, şəxsi işdir, adını bildirməkdən də imtina etdi.

Təbii ki, gözlənilməz qonağı Peycetin yanına göndərmək olardı, lakin o, həmin vaxt mədəsi ilə əlləşirdi. Mən gələn şəxsi qəbul etmək istəmədim. Amma Yarvis tezliklə geri qayıtdı.

– Ser Yustas, centlmen deyir ki, onu mister Milrey göndərib.

Bu, işi dəyişirdi. Bir qədər sonra günəşdən qaralmış, gözəl üzü bir neçə çapıqla korlanmış möhkəm bədənli gənc qarşımda dayanmışdı.

– Eşidirəm, – dilləndim.

– Mister Milrey mənə əmr edib ki, sizi Cənubi Afrikaya qədər müşayiət edim. Katib simasında.

– Lakin, əzizim, mənim katibim var və ikincisinə ehtiyac duymuram.

– Buna şübhəm var, ser. Yeri gəlmişkən, katibiniz haradadır?

– O bir balaca kefsizdir. Qastriti var.

– Əminsinizmi ki, onun xəstəliyi qastritdir?

– Əlbəttə ki, – cavab verdim, – həmişə çalışqan gənclərdə qastrit olur.

– Qastrit ola da bilər, olmaya da. Bunu zaman göstərər. Yeri gəlmişkən, mister Milrey öyrənsə ki, katibinizi aradan götürmək istəyirlər, qətiyyən təəccüblənməz. Yox-yox, həyəcanlanmayın! Şəxsən sizi heç bir təhlükə gözləmir. Ancaq mister Milrey təkid edir ki, sizi mən də müşayiət edim və xahiş edir ki, pasportumun qayğısına qalasınız. Amma bunu elə etmək lazımdır ki, guya məni özünüz dəvət etmisiniz.

– Yaxşı, – razılaşdım və gəncin getməyə hazırlaşdığını görəndə istehzayla əlavə etdim: – Əgər katibimin adını bilsəydim, yəqin ki, daha yaxşı olardı.

– Harri Reyborn. Münasib addır, deyilmi?




VIII fəsil

(Annanın hekayətinin davamı)


Qəhrəmanların dəniz xəstəliyinə tutulmasında nəsə bir ləyaqətsizlik var. Şəxsən mən ilk yırğalanmaqdan özümü pis hiss etdim və bütün sirlərə marağımı itirərək üç gün kayutdan bayıra çıxmadım. Nəhayət, dəniz sakitləşdi və birtəhər göyərtəyə qalxıb özümü şezlonqa yıxdım. Bir az özümə gələn kimi ətrafıma nəzər salmağa başladım. Qadınlardan biri məni xüsusilə maraqlandırdı. Zahirən ona otuz yaş vermək olardı. Bəstəboy, mavigözlü idi və aşkar Paris üslubunda yüksək zövqlə tikilmiş paltar geyinmişdi. “Özümə gələn kimi onunla tanış olaram,” – deyə fikirləşdim.

Günortaüstü Madeyra limanına çatdıq. Məftunedici qadın hündürboylu, qarabuğdayı kişinin müşayiəti ilə sahilə endi. Kişiyə qırx yaş vermək olardı. Saçları çallaşmışdı. Məncə, o, gəmidəki kişilərin ən qəşəngi idi.

– Kimdir o qadın? – qulluqçudan soruşdum.

– Ledi Klarens Bler.

Bundan sonra naməlum qadına marağım daha da artdı. Səhərisi isə təəccüblü olsa da, missis özü mənə yaxınlaşdı.

– Hə, daha özünüzü yaxşı hiss edirsinizmi? – təbəssümlə soruşdu.

– Təşəkkür edirəm, bu gün, doğrudan da, vəziyyətim yaxşıdır.

– Dünən elə kökə düşmüşdünüz ki, polkovnik Reyslə fikirləşdik, dənizdə bizi dəfn mərasimi gözləyir. Amma siz bizi heyrətləndirdiniz.

– Təmiz hava kömək etməlidir, – mən gülümsəməyə çalışdım.

– Bu kayutların dustaqxana həyatı kimi desən öldürər. Ümidvaram ki, pəncərəniz dənizə baxır.

– Xeyr.

– Əzizim, kayutu niyə dəyişmirsiniz? Boş kayutlar ki var. Madeyrada xeyli sərnişin düşdü. Gedin kapitanla danışın.

– Yerimdən qalxmaq istəmirəm.

– Çətin olsa da, durun. Gəzmək sizə xeyirdir.

Missis Bler və polkovnik Reysin müşayiəti ilə göyərtədə gəzinməyə başladım. Okean gözəl olduğundan missis Bler fotoaparat dalınca getdi. İki-üç kadr çəkəndən sonra o, məyusluqla dedi:

– Plyonka qurtardı. Ancaq eybi yoxdur. Mənim ehtiyatda bir kasetim də var. Budur o!

Elə bu vaxt gəmi yırğalandı, müvazinətini itirən Bler sürahidən yapışdı və kaseti əlindən saldı.

– Bu niyə belə oldu? Yəni kaset suya düşdü?

– Çətin ki, – polkovnik gülümsədi. – Çox güman ki, kaset aşağı göyərtəyə, hansısa uğursuz stüardın başına düşüb.

Fit çalındı.








– Lanç, – missis Bler şən halda dedi. – Lançla aranız necədir, miss Bedinqfeld?

– İmtina etmərəm.

Salonda stüard məni arxasında iki yaşlı ledinin və missionerin oturduqları masaya tərəf gətirdi. Missis Bler və polkovnik kapitan masasının arxasında əyləşdilər. Orada gözlərim daha bir kişiyə sataşdı. Məlum oldu ki, bu, ser Yustas Pedlerin katibidir. Deməli, ser Yustas, Mill-hausun sahibi də buradadır? Daha bir təsadüf!

Lançdan sonra yenidən göyərtəyə çıxdım. Bir neçə addım aralıda Peycet ser Yustasa nəsə izah edirdi. Mən onun danışığında bir neçə ifadəni eşidə bildim.

– Mənə kayut lazımdır, ser Yustas. Sizinkində işləmək mümkün deyil. Ora sandıqlarla doludur.

– Bəsdir, dost! Mənim kayutum yatmaqdan ötrüdür və mən sənin yazı makinanın tıqqıltısına qulaq asmağa borclu deyiləm.

– Ser Yustas, mən işləməliyəm.

Mən kayutumun yerləşdiyi göyərtəyə düşdüm və stüarda yerimi dəyişmək xahişi ilə müraciət etdim.

– “D” göyərtəsində boş yer var, – deyə o, xəbər verdi. – Sizə 13 nömrəli kayutu təklif edə bilərəm.

– Yox, 13-cü olmasın. Başqası yoxdurmu?

– Əgər hələ tutulmayıbsa, 17-ci boşdur.

Biz 17 nömrəli kayuta yaxınlaşdıq. Kayut boş idi.

– Hər şey qaydasındadır, miss, köçə bilərsiniz. Mən şeylərinizi gətirərəm.

Elə bu an Peycet bizə yaxınlaşdı.

– Üzr istəyirəm, – o dedi, – bu kayut artıq ser Yustas Pedlerə vəd olunub.

– Eyib etməz, – stüard onu sakitləşdirməyə çalışdı. – Biz ser Pedlerə 13-cünü verərik.

– Bizə on yeddinci vəd olunmuşdu!

– Lakin, ser, on üçüncü daha geniş və rahatdır.

– Yox, bizə on yeddinci lazımdır! Mənə dedilər ki, biz onu tuta bilərik.

– Bağışlayın, – mən işə qarışdım, – on yeddinci mənə vəd olunub.

– Heç cür ola bilməz, on yeddincini mən tutacağam.

– Burada nə baş verib? – daha bir sərnişin özünü bizim mübahisəyə qoşdu. – Stüard, şeyləri on yeddinci kayuta qoyun.

Bu mənimlə stol qonşusu olan müqəddəs Edvard Çiçester idi.

– Bağışlayın, ona etiraz etdim, – bu mənim kayutumdur.

– Yox, ser Yustas Pedlerin kayutudur! – Peycet israr etdi.

Kapitan köməkçisi bizə yaxınlaşdı.

– Qulaq asın! – deyə yalvardım. – Kayutumu dəyişməyə söz veriblər. On yeddinci məni tamamilə qane edir. Lakin mister Çiçesterlə mister Peycet höcətləşir, mənə güzəştə getmək istəmirlər…

Kapitan köməkçisi mübahisə edənlərə tərəf addımladı və hövsələsiz tərzdə elan etdi:

– On yeddinci bu miss üçün saxlanılıb, sizə isə on üçüncü və iyirmi səkkizinci qalır, özünüz seçin.

Hərarətli baxışlarımla ona təşəkkürümü bildirdim və on yeddinci kayuta daxil oldum. Kiçik qələbə əhvali-ruhiyyəmi yaxşılaşdırdı. Tezliklə çay içmək üçün üst göyərtəyə qalxdım, qayıdanbaş isə həyəcanlanmış qulluqçunu yanımda gördüm.

– Kayutunuzu dəyişməli olacaqsınız, miss, – o dedi. – Orda xoşagəlməz iy əmələ gəlib.

İy, həqiqətən, ürəkbulandırıcı idi. Ancaq haradan əmələ gəlmişdi? Axı bir saat əvvəl yox idi. Qulluqçuya cavab verdim ki, əvvəlcə paltarımı dəyişməliyəm, sonra kayutu dəyişmək barədə danışarıq. Tək qalanda havanı bir də qoxuladım. İy tanış gəldi. Hə, əlbəttə ki! Bu, asafetiddir. Hərbi xəstəxanada işləyəndə dərmanları ayırd etməyi öyrənmişdim.

Çarpayıda oturdum. Şübhəsiz, mən olmayanda kimsə kayuta asafetid qırığı atmışdı. Nə üçün? Ona görə ki rədd olum buradan? Bu, kimin nəyinə gərəkdir? O saat kayut uğrunda mübahisə gözümə tamam başqa cür göründü. 17.1. 22!.. On yeddisində biz Sauthemptondan çıxdıq. Bu vaxtadək əmindim ki, 17 – “Kilmorden qəsri”nin yoladüşmə vaxtıdır. Ağlıma yalnız bu gəlirdi. Ancaq deyəsən, mən heç də haqlı deyildim. Yaxşı, nəyə görə kimsə yaxın tarixi yazaraq, üstəlik, ili, ayı da göstərir? Yox, əgər ilk iki rəqəm kayutun nömrəsidirsə, bəs onda o biriləri nəyi göstərir? Bəlkə, vaxtı? Deyək ki, saat 1-i! İyirmi iki isə – günü? Sabah iyirmi ikisidir…

Rəqəmlərin uyğunluğu – kayutun nömrəsi, gün, vaxt – məni həqiqi izə düşdüyümə əmin etdi. Asafetidin iyinə baxmayaraq, kayutu heç cür əldən buraxmaq olmaz. Sabah, yanvarın 22-də, gecə saat birdə. İndi axşam saat yeddidir. Beləliklə, altı saatdan sonra…

Gözləməyə səbrimin çatmasına mat qalmışdım. Vaxt dözülməz dərəcədə ləng keçirdi. Budur, nəhayət ki, gəmi saatı gecə biri vurdu və… heç bir şey olmadı. Gəmidə tam sakitlik idi. Birdən dəhlizdə səs-küy eşidildi. Kimsə qaçırdı. Qəfil qapı açıldı və naməlum şəxs mənim kayutuma yıxıldı. “Xilas edin, – o xırıldadı, – məni təqib edirlər”. Məsələni aydınlaşdırmağa vaxt yox idi. Bir anda çamadanı çarpayının altından çəkdim, naməlum adam ora girdi və dərhal çamadanı əvvəlki yerinə itələdim.

Qapı bərkdən döyüldü. Ağlıma gəldi ki, bu saat əlində tapança Peycet, yaxud missioner içəri soxulacaq. Ancaq gözlədiyimin əksinə, qarşımda qulluqçu qız peyda oldu.

– Bağışlayın, miss! Çağırmısınız?

– Yox! – sözünü kəsdim.

– Üzr istəyirəm, miss, amma sərxoş bir centlmen gəmidə veyillənir.

– Ümid edirəm ki, o bura girməyəcək, – süni təlaşla dedim.

– Əlbəttə, miss. Ancaq lazım gəlsə, zəngi çalın. Gecəniz xeyrə qalsın.

Sərxoş! Gör nəzakətsizliklə kayutuma soxulan kim imiş.

– Bu saat rədd olun! – deyə tələb etdim.

Cavab gəlmədi. Çamadanı kənara çəkdim. Kişi tərpənmədi. Bu vaxt gördüm ki, onun uzandığı yerdə döşəmə qana bulaşıb. Yad adamın sol çiynində yara vardı. O ayıldı, çətinliklə çarpayının altından çıxdı və səndirləyərək qalxdı.

– Mən sizi ötürərəm, – ona ürəyim yandı.

– Dəyməz, – təşəkkür bildirmədən köməyimdən imtina etdi.

– Səfehləməyin! Nədir, bu vəziyyətdə gəmidə gəzməyə hazırlaşırsınız?

Sözlərim təsir etdi və bundan sonra bacardığım kimi yarasını sarıdım.

– Belə-belə işlər. İndisə, buyurun, izah edin görək bütün bunlar nə deməkdir?

– Başqasının işinə qarışmayın!

– Elə niyə?

– Köhnə bir həqiqəti xatırlasanız, pis olmaz: əgər istəyirsənsə ki, sirrini hamı bilsin, onu hər hansı bir qadına söylə.

– Yəqin ki, bunu göstərdiyim yardıma təşəkkür kimi başa düşmək lazımdır.

Nəhayət, bayaqdan bəri ilk dəfə ona əməlli-başlı diqqət yetirdim. İşıqlı boz gözləri, qarabəniz, yanağında çapığı vardı. O sıçrayıb stuldan qalxdı. Məni itələyərək qapıya yönəldi. Qapıya çatanda qəfil geri qanrıldı:

– Sizə təşəkkür etməyə borclu deyiləm. Lakin borc haqqında unutmaram və imkan düşən kimi qaytararam.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/agata-kristi/q-hv-yi-kostyumlu-kisi-68289778/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



Özünü rus rəqqasəsi kimi qələmə verən Nadin adlı qadın beynəlxalq miqyaslı təxribatçı-agentin xidmətindən ayrılmaq istəyir və bununla da ağlasığmaz hadisələr zənciri başlayır.

Как скачать книгу - "Qəhvəyi kostyumlu kişi" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Qəhvəyi kostyumlu kişi" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Qəhvəyi kostyumlu kişi", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Qəhvəyi kostyumlu kişi»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Qəhvəyi kostyumlu kişi" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Видео по теме - Aqata Kristi " Qəhvəyi kostyumlu kişi". Ələkbərzadə Aysel

Книги серии

Книги автора

Аудиокниги автора

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *