Книга - Ağ gəmi

a
A

Ağ gəmi
Çingiz Aytmatov


Dünya ədəbiyyatından seçmələr
Çingiz Aytmatov əfsanələri real həyatla, yaşadığı zamanla əlaqələndirdiyi bu əsərində birinci sinfə getməyə hazırlaşan balaca oğlanın arzularından, qurduğu xəyal dünyasından bəhs edir.





Çingiz Aytmatov

Ağ gəmi





1


Onun iki nağılı vardı. Biri özünündü, bundan heç kəsin xəbəri yox idi. O birisini isə babası danışmışdı. Sonralar ikisi də yox olub getdi. Elə söhbət də bu haqdadır.

Həmin il onun yeddi yaşı tamam olmuşdu, səkkizin içində idi.

Əvvəlcə çanta alındı. Qulpun altından keçən parıltılı metal kilidli qara dermatin çanta. Xırda-xırda şeylər üçün üst cibi də vardı. Qərəz, adidən adi, amma göydəndüşmə məktəb çantası. Əslində, hər şey də elə bundan başladı.

Babası onu səyyar avtodükandan almışdı. Avtodükan, malları dağlardakı maldarlara sata-sata, hərdən onlara – San-Taş dərəsindəki meşə gözətçiləri məntəqəsinə də gəlirdi.

Buradan, bu qarovul xəttindən yuxarılara doğru yarğanlar, yamaclar boyu göz işlədikcə meşə qoruğu dikəlirdi. Məntəqədə cəmi üç ailə vardı. Buna baxmayaraq avtodükan vaxtaşırı meşəçilərə də baş çəkirdi. Üç həyətin yeganə oğlan uşağı avtodükanın gəlişini hamıdan qabaq görərdi.

– Gəlir! – deyə o, qapı-pəncərələrin qabağına qaçar, qışqırardı. – Maşın-mağaza gəlir!

İssık-gölün sahilindən buraya gələn dolama yol həmişə yarğanlardan, çay qıraqlarından, daşlı-qayalı, çala-çuxur yerlərdən keçirdi. Belə yolla maşın sürmək o qədər də asan deyildi. O yol Qarovul dağına çatanda dar keçiddən yamaca qalxır, oradan da sərt və çılpaq enişlə xeyli uzanaraq aşağı – meşəçilərin həyətinə enirdi. Qarovul dağı lap yaxınlıqdaydı – yayda oğlan, demək olar ki, hər gün durbinlə gölə baxmaq üçün qaçıb oraya gedərdi. Oradan baxanda yolda həmişə hər şey: piyada da, atlı da, söz yox ki, maşın da apaydın görünürdü.

Bu dəfə əhvalat yayın qızmar çağında baş vermişdi. Oğlan öz dəhnəsində çimirdi, maşının dağ döşündə necə tozanaq qaldırdığını gördü. Dəhnə çayın dayazlığında qırağa yaxın qənbərlikdəydi. Onu daşlardan babası hörüb düzəltmişdi. Bu dəhnə olmasaydı, kim bilir, bəlkə də, oğlan çoxdan güdaza getmişdi. Həm də, nənəsi demişkən, çay onun sümüklərini yuya-yuya düz aparıb İssık-gölə atardı, orada da balıqlar və cürbəcür su həşəratları onlara tamaşa edərdilər. Heç kəs də onu axtarmazdı. Heç kəs onun üçün ah-nalə etməzdi, ona görə ki, əvvəla, suya girməyəydi, ikincisi də, o kimin nəyinə gərəkdi. Hələ ki belə bir hadisə baş verməmişdi. Əgər baş versəydi, kim bilir, onu xilas eləməkdən ötrü, bəlkə, nənəsi suya da tullanmazdı. Doğma olsaydı, başqa məsələ, axı nənəsi ona yad deyirdi. Yad elə yaddır, istəyirsən ağzının tikəsini yedirt, istəyirsən onu gözün üstə saxla. Yad… Bəlkə, o, yad olmaq istəmir. Onda necə? Axı nə üçün məhz onu yad hesab eləsinlər? Bəlkə, o yox, nənə özü yaddır?

Nə isə, bu haqda sonra, babanın dəhnəsi də qalsın sonraya…

Bəli, günlərin bir günü, oğlan dağdan enən avtodükanı və onun arxasınca burum-burum qalxan tozanağı gördü. Ona çanta alınacağını yəqin bilirmiş kimi çox sevincək oldu. Elə o saat da sıçrayıb sudan çıxdı, şalvarını cılız qılçalarına keçirdi, bədəni yaş, gömgöy göyərmiş halda – çayın suyu soyuq idi – cığırla həyətə sarı götürüldü ki, avtodükanın gəlməsini hamıdan əvvəl xəbər versin.

Oğlan sürətlə qaçır, kolların üstündən hoppanır, tullanıb aşa bilmədiyi qayalıqların yanından keçirdi və heç yerdə – nə hündür otların, nə də daşların önündə bir an belə ləngimirdi. Halbuki daşların heç də adi olmadığını bilirdi. Onlar inciyər, hətta badalaq da vura bilərdilər. O, “Xıxmış dəvə” adlandırdığı, yarıyacan torpağa pərçimlənmiş hürgüclü sarı qranit qayanın yanından qaçaraq keçəndə dedi: “Maşın-mağaza gəlib. Sənə sonra baş çəkərəm”. Adətən, oğlan öz “dəvəsinin” hürgücünə əl vurmadan onun yanından ötüb-keçməzdi. Babası lüməquyruq yabısı ilə necə rəftar edirdisə, o da eləcə, ərkyana sahib kimi öz “dəvəsinin” belinə bir-iki dəfə ehmalca vurar, sonra da elə-belə, ayaqüstü deyərdi: “Sən gərək bir az gözləyəsən, mən iş dalınca gedirəm”. Onun bir nəhəng qayası da vardı, yarısı ağ, yarısı qara, alaca daşdı, ortası çökük, at kimi belinə minmək olurdu. Bir daş da vardı – “Canavar”. Canavara çox oxşayırdı, bombozdu, çallamışdı, gur yallı, qalın əmgəkli idi. Oğlan sürünə-sürünə ona yaxınlaşar, nişan alardı. Lakin ən sevimli daşı “Tank” idi. Suların yuyub yediyi çay sahilinin qaşındakı sarsılmaz qaya. Adama elə gəlirdi ki, “Tank” bu saat sahildən aşağı atılacaq, çay çağlayacaq, ləpədöyənlər bəyaz köpüklərə qərq olacaqdı. Axı tanklar kinoda bax beləcə gedirlər; sahildən suya cumurlar və get ki, gedəsən… Oğlan bir-iki filmə baxmışdı, ona görə də gördüklərini yadında möhkəm saxlamışdı. Babası hərdən öz nəvəsini dağın arxasındakı, onlarla qonşu olan cins mallar sovxozunun fermasına kinoya baxmağa aparardı. Sahildə çayı yarıb keçməyə müntəzir dayanan “Tank” da buna görə peyda olmuşdu. Digər nəcib, yaxud nanəcib, hətta bic və yaxud səfeh daşlar da vardı.

Bitkilər arasında da “əzizləri”, “cəsurları”, “qorxaqları”, “ziyankarları” və digərləri var idi; məsələn, tikanlı süngər onun əsas düşməni idi. Oğlan gündə neçə dəfə onu dibdən qırıb atırdı. Ancaq bu döyüş bitmək bilmirdi, süngər təzədən cücərib artır, boy verib qalxırdı. Çöl sarmaşığı isə alaq otu olsa da, ən ağıllı və şən bitki idi. Səhəri hamıdan yaxşı onlar qarşılayırdı. O biri otlar nə səhər qanırdılar, nə axşam. Onlar üçün fərqi yox idi. Sarmaşıqlar isə günəş ziyaları canlarını qızdıran kimi gözlərini açır, gülümsəyirdilər. Əvvəlcə bir gözü, sonra ikincisi açılır, nəhayət, sarmaşığın bütün burumları bir-birinin ardınca pardaqlanırdı. Ağ, açıq-mavi, yasəmənli, cürbəcür… Əgər onların yanında lap sakit otursan, sənə elə gələr ki, sarmaşıqlar oyanan kimi nə barədə isə astadan pıçıldaşırlar. Hələ qarışqalar da bundan agahdırlar. Səhər-səhər onlar sarmaşıqların gövdəsini qıyıb, çiçəklərin öz aralarında nə haqda danışdıqlarını dinləyirdilər. Bəlkə də, onlar yuxularını nəql edirdilər?

Gündüzlər, adətən, günortaçağı oğlan sıx pöhrəli şirəlcin kolluğuna gedib girərdi. Şirəlcinlər hündür olur, çiçəkləmir, ancaq ətirlidir, adacıqlar şəklində – kom-kom bitir, başqa otları yaxına buraxmırlar. Şirəlcinlər dostluqda vəfalıdır. Xüsusilə nisgilli olanda, ağlamaq istəyəndə heç kəs görməsin deyə şirəlcinlikdə rahatca gizlənmək olur. Onların çoxusu meşəyanı şamlığın ətrini xatırladır. Şirəlcinlik isti və sakit olur. Ən ümdəsi isə – onlar gölün qabağını kəsmir.

Arxası üstə uzanıb səmaya tamaşa etmək gərək. Əvvəlcə, göz yaşları içində heç nəyi sezmə. Sonra buludlar üzüb gələcək və xəyalındakıların hamısını yuxarıda bir-bir ayırd edəcəklər. Buludlar bilirlər: sənin əhvalın o qədər də yaxşı deyil, harayasa çıxıb getmək və ya uçmaq arzusundasan, istəmirsən ki, səni tapalar, istəyirsən, köks ötürüb ah-vay eləsinlər, deməzsənmi, uşaq gör necə də yoxa çıxdı, indi haradan tapacağıq onu?.. Özü də bu hadisə baş verməsin deyə, sən yoxa çıxmayasan deyə, sakitcə uzanıb buludlara məftun-məftun baxasan deyə buludlar dönüb istəmədiyin hər şeyə çevriləcəklər. Eyni cür buludlardan ən müxtəlif şeylər əmələ gəlir. Buludların nə təsvir etdiyini gərək tanıya biləsən.

Şirəlcinlikdə isə sakitlik idi, onlar göyün qabağını kəsmirdilər. Bəli, belədir ətirli şirəlcinlər…

Oğlan bitkilər haqqında hələ cürbəcür başqa şeylər də bilirdi. Subasar çəməndə bitən gümüşü ağota yazığı gəlirdi. Qəribə idi bu ağotlar! Yelbeyindirlər. Onların ipək kimi yumşaq süpürgəcikləri küləksiz keçinə bilmir. Bir himə bənd olub gözləyirlər – yel hansı səmtə əsərsə, onlar da o tərəfə əyilərlər. Özü də, hamısı bir nəfər kimi, bütün çəmən sanki komanda ilə baş əyir. İşdir, əgər yağış yağsa və ya tufan qopsa, ağotlar başlarını dürtməyə yer tapmırlar. Yellənirlər, yerə yatırlar, torpağa yapıxırlar. Ayaqları olsaydı, bəlkə də, baş götürüb ilim-ilim itərdilər… Lakin onlar riyakarlıq edirlər. Tufan sakitləşən kimi səfeh ağotlar yenə də özlərini yelə verirlər – külək hara, onlar da ora…

Dostsuz-tanışsız oğlan o adi şeylər arasında tək-tənha yaşayırdı, təkcə avtodükan bütün olub-keçənləri ona unutdurur, özünə tərəf başılovlu qaçmağa vadar edirdi. Ayrı nə söz ola bilərdi, avtodükan sənin üçün elə-belə daş-maş, ot-mot deyildi. Nələr yoxdu bu avtodükanda, nələr!

Oğlan özünü evə yetirəndə avtodükan evlərin arxa tərəfindən həyətə yaxınlaşırdı. Məntəqədə evlərin üzü çaya tərəf idi, qapı-baca sahəsi enişaşağı lap sahilə meyillənirdi, çayın o tayında isə suyun yuyub açdığı uçurumdan başlayaraq sərt yamaclar boyu dağlara meşə dırmaşırdı və məntəqəyə yeganə giriş yolu evlərin arxasındandı. Oğlan özünü vaxtında yetirməsəydi, heç kəs bilə bilməzdi ki, avtodükan artıq buradadır.

Bu vaxt kişilərdən heç kəs yox idi, hamısı səhər tezdən dağılışmışdı. Arvadlar ev işləri ilə məşğul idilər. Oğlan özünü açıq qapılara yetirib bərkdən qışqırdı:

– Gəldi! Maşın-mağaza gəldi!

Arvadlar çaxnaşdılar. Gizləyib saxladıqları pulu axtarmağa cumdular. Bir-birini ötərək bayıra atıldılar. İşə bax ha, hətta nənə də onu tərifləyəsi oldu:

– Görün bizim oğlan gözdən necə də itidir!

Oğlan, avtodükanı özü gətiribmiş kimi, məmnun idi. Bir də ona görə xoşbəxt idi ki, onlara bu xəbəri özü çatdırmışdı, ona görə xoşbəxt idi ki, həyətə onlarla birgə qaçmışdı, ona görə xoşbəxt idi ki, onlarla birgə avtodükanın açıq qapısına sarı yanaşırdı. Lakin basabasda arvadlar onu tezcə unutdular. Başları qarışıqdı. Mal çoxdu – gözləri dörd olmuşdu. Vur-tut üç arvad vardı: nənəsi, doğma xalası Bekey – məntəqənin ən böyük adamı qoruqçu Orozqulun arvadı və qucağında qızcığaz, köməkçi fəhlə Seyidəhmədin cavanəzən arvadı Gülcamal. Cəmi üç arvad. Elə çaxnaşma salmışdılar, malları elə qapışdırır, ələk-vələk edirdilər ki, avtodükanın satıcısı onların növbəyə durmasını və bir ağızdan qırıldamamasını tələb etdi.








Lakin onun sözləri arvadlara o qədər də kar eləmədi. Onlar əvvəlcə əllərinə keçəni götürürdülər, sonra seçməyə başlayırdılar, sonra isə seçdiklərini də qaytarırdılar. Seçir, ayırır, geyib baxır, höcətləşir, şəkk eləyir, bir şey barədə dönə-dönə sorğu-sual aparırdılar. Biri xoşlarına gəlmirdi, başqası baha idi, üçüncünün rəngi ürəklərinə yatmırdı… Oğlan kənarda dayanmışdı. O darıxdı. Qeyri-adi bir şey həsrəti də, dağda avtodükanı görərkən onu bürüyən sevinc də yoxa çıxdı. Avtodükan birdən onun gözlərində cürbəcür köhnə-möhnə şeylərlə dolu adi maşına çevrildi.

Satıcı dilxor oldu! Bu arvadlar, deyəsən, bir şey almaq niyyətində olan adamlara oxşamırdılar. Dağı-daşı basabasa bu uzaq yolu nə üçün gəlmişdi?

Elə də oldu. Arvadlar kənara çəkilməyə başladılar, od-alovları söndü, hətta elə bil yorulub əldən düşdülər. Bir-birinin qabağındamı, yoxsa satıcının yanındamı, nədənsə, özlərinə bəraət qazandırmağa başladılar. Birinci, nənə şikayətləndi ki, pul yoxdur. Əgər nağd pulun yoxsa, mal da ala bilməzsən. Bekey xala ərindən xəbərsiz bahalı şey almağa cəsarət eləmədi. Bekey xala dünyanın ən bədbəxt qadını idi, uşağı olmurdu, buna görə də Orozqul kefli olanda onu döyürdü, baba da xiffət eləyirdi, axı Bekey xala babanın qızıydı. Bekey xala bir neçə xırda-xuruş aldı və iki şüşə araq götürdü. Çox nahaq yerə, özünə pis olacaqdı. Nənə özünü saxlaya bilmədi, satıcı eşitməsin deyə astadan pıçıldadı:

– Durduğun yerdə özün öz başına niyə bəla açırsan?

– Özüm bilərəm, – Bekey xala ağzından vurdu.

– Səfehin biri səfeh, – nənə bu dəfə bir qədər də yavaşdan, ancaq hiddətlə donquldandı. Satıcı olmasaydı, Bekey xalanın dərsini necə verərdi. Uf, onlar elə söyüşürdülər ki!..

Cavanəzən Gülcamal araya girdi. O, satıcıya izah elədi ki, onun Seyidəhmədi tezliklə şəhərə köçməyə hazırlaşır, şəhərdə pul lazım olacaq, ona görə də bədxərclik eləmək istəmir.

Onlar avtodükanın qabağında beləcə çaxnaşma saldılar, satıcı demişkən, “qəpik-quruşluq” mal aldılar və dağılışıb getdilər evlərinə. Məgər bu, alverdi? Satıcı arvadların ardınca tüpürdü, ələk-vələk edilmiş malları yığışdırmağa başladı ki, sükan arxasına keçib yola düşsün. Elə bu vaxt oğlan gözünə dəydi.

– Pələqulaq, nə var? – deyə soruşdu. Oğlanın sallaq qulaqları, nazik boynu, iri, yumru başı vardı. – Bir şeymi almaq istəyirsən? Onda tez ol, bağlayıram. Pulun var?

Satıcı sözgəlişi soruşdu, oğlan isə ədəblə cavab verdi:

– Yox, əmican, pulum yoxdur, – sonra da başını buladı.

– Mən də elə bilirəm, varındır, – satıcı özünü bilməzliyə vurub söhbəti uzatdı. – Axı buradakılar hamısı varlıdır, ancaq özünüzü kasıb göstərirsiniz. Cibindəki pul deyil?

– Yox, əmican, – oğlan əvvəlki kimi səmimi və ciddi cavab verdi, cırıq cibini çevirdi, ikinci cibinin ağzı büsbütün tikilmişdi.

– Deməli, pulların yırtıqdan tökülüb. Get, gəzdiyin yerlərdə axtar. Taparsan.

Onlar susdular.

– Kimin uşağısan? – satıcı yenə sorğuya tutdu. – Qoca Mömünün deyilsən ki?

Oğlan başını tərpətdi.

– Onun nəvəsisənmi?

– Bəli, – oğlan yenə başını tərpətdi.

– Anan haradadır?

Oğlan heç nə demədi. O bu barədə danışmaq istəmirdi.

– Anan özü haqda bir xəbər bildirmir. Özün bilmirsən?

– Bilmirəm.

– Atan necə? Ondan da xəbərin yoxdur?

Oğlan susdu.

– Dostum, bu nədir, sən niyə heç nə bilmirsən? – satıcı zarafatla onu məzəmmət elədi. – Nə isə, belədir, belə olsun. – O, bir ovuc konfet götürüb oğlana uzatdı. – Al, özün də sağ ol.

Oğlan utandı.

– Al, al. Ləngitmə məni. Getməliyəm.

Oğlan konfetləri cibinə qoydu, özü də maşının ardınca qaçmaq, avtodükanı yoladək ötürmək fikrində idi. O, yöndəmsiz, olduqca tənbəl, qıllı Baltek köpəyi səslədi. Orozqul hey qəsdlənir, onu gülləylə vurub öldürmək istəyirdi. “Belə iti qapıda niyə saxlayasan”, – deyirdi. Baba da yalvar-yaxar edirdi ki, hələlik ona dəyməsin: bir çobaniti gətirər, sonra Balteki aparıb azdırar. Baltekin dünya-aləm vecinə deyildi: tox olanda yatardı, ac olanda isə, yaxın oldu, yad oldu, məhəl qoymadan yalmanardı, təki yeməyə ona bir şey ataydılar. Baltek belə köpək idi. Hərdən də darıxanda maşınların ardınca qaçardı. Düzdür, çox getməzdi. Bir qədər götürülərdi, az sonra qəflətən dönüb evə sarı yortardı. Vecsiz it idi. Lakin itlə qaçmaq tək qaçmaqdan yüz dəfə yaxşıydı. Hər necə olsa da, yenə itdir…

Oğlan satıcıdan xəlvət, ehmalca Baltekə bir konfet atdı. “Bax ha, – köpəyi xəbərdar elədi, – çox qaçmalı olacağıq”. Baltek zingildədi, quyruğunu buladı – yenə istəyirdi. Ancaq oğlan bir daha konfet atmağa cəsarət eləmirdi. Kişinin xətrinə dəyərdi, bir ovuc konfeti it üçün verməmişdi ki…

Və elə bu zaman baba gəlib çıxdı. Qoca arıxanaya getmişdi. Oradan isə evlərin dal tərəfi görünmürdü. Özü də iş elə gətirdi ki, avtodükan getməmiş, baba vaxtında özünü yetirdi. Yoxsa nəvəsinin çantası olmayacaqdı. Oğlanın bəxti gətirmişdi.

Ahıl və ağsaqqalların Qıvraq Mömün adlandırdığı Mömün kişini mahalda hamı tanıyırdı, o da hamıya bələd idi. Belə bir ləqəbi Mömün az-çox tanıdığı adamların hamısına göstərdiyi istiqanlılığı üçün, hamının karına gəldiyinə, imdadına yetişdiyinə görə qazanmışdı. Lakin bu da vardı ki, onun yaxşılıqlarının, pulsuz paylanılan qızıl kimi, heç kəsin yanında qədir-qiyməti yoxdur. Heç kəs Mömünə, onun yaşıdlarına bəslənilən kimi hörmət-izzətlə yanaşmırdı. Onu saya salan olmurdu. Buqu tayfasından adlı-sanlı bir qocanın böyük yas məclisi düşəndə – Mömün də buqu nəslindən idi, bununla çox fəxr edirdi və öz tayfasından bir nəfərin də yasını buraxmazdı – ona heyvan kəsməyi, hörmətli qonaqları qarşılamağı, atdan düşənə kömək göstərməyi, çay paylamağı, bəzən hətta odun yarmağı, su daşımağı tapşırardılar. Məgər qonaqlı-qaralı böyük yas yerlərində iş qəhət idi? Mömünə tapşırılan hər işi o, vaxtlı-vaxtında, asanlıqla görərdi və ən başlıcası isə başqaları kimi heç bir işdən boyun qaçırmazdı. Bir qoşun qonağı qarşılayıb onlara yemək paylamalı olan aul cavanları Mömünün işin öhdəsindən necə gəldiyini görəndə deyərdilər:

– Qıvraq Mömün olmasaydı, görəsən, biz neylərdik!

Nəvəsi də yanında uzaq yerdən gəlmiş bu ahıl kişi bəzən də cavan bir çayçının əlinin altında işləməli olurdu. Mömünün yerinə başqası olsaydı, təhqirdən bağrı çatlayardı. Mömünün isə heç vecinə də deyildi!

Heç kəs də təəccüblənmirdi ki, qonaqların qulluğunda qoca Qıvraq Mömün durur, bax elə buna görə də o bütün ömrü boyu Qıvraq Mömün olaraq qalıb. Qıvraq Mömün olduğu üçün təqsirkar özüydü. Əgər yad bir adam heyrət edib deyəndə ki bu aulun cavanları qırılıbmı, sən yaşda kişi arvadların buyruğuna baxırsan, Mömün belə cavab verərdi: “Mərhum mənim qardaşımdı. (O, buquların hamısını özünə qardaş bilərdi. Buna qalsa, buqular başqa qonaqlara da eyni dərəcədə “qardaş” sayıla bilərdi.) Onun yasında mən də işləməsəm, bəs kim işləyəcək? Axı biz buqular ulu nənənin – Buynuzlu ana maralın öz nəslindənik. O füsunkar ana maral isə sağlığında da, əbədiyyət dünyasında da bizə dostluğu tövsiyə edib…”

Qıvraq Mömün bax belə Mömün idi!

Qocalar da, cavanlar da ona “sən” deyə müraciət edərdilər, ona sataşmaq da olardı – qoca inciməzdi; onun sözünü rədd etmək də olardı – qoca söz qaytarmazdı. Haqlı sözdür: özünə hörmət etdirməyi bacarmayanın camaat günahından keçmir. O isə bunu bacarmırdı.

Həyatda onun əlindən çox şey gəlirdi. Dülgərlik edərdi, sərraclıq edər, taya vurardı; cavanlıqda kolxozda elə tayalar qurardı ki, qışda onu sökməyə heyifsilənərdilər; yağış tayanın üstündən aşağı elə axardı ki, elə bil qaz belindən su süzülərdi. Qar isə qoşaçatılı dama yağan kimi yatardı onun ilanyalı tayalarının üstünə. Müharibə dövründə əmək batalyonunda xidmət edəndə Maqnitoqorsk zavodunun divarlarını hörmüşdü, staxanovçu kimi ad çıxarmışdı. Qayıtdı, məntəqədə ev tikdi, meşəçiliklə məşğul oldu. Köməkçi fəhlə olmasına baxmayaraq, əslində, meşənin qarovulunu da o çəkirdi. Onun kürəkəni Orozqul tez-tez qonaqlıqlara gedirdi. Elə ki böyüklərin güzarı buralara düşdü, bu zaman Orozqul özü meşəni də göstərər, ov da təşkil edər, bu işlərdə ixtiyar sahibi olardı. Mal-qaranın dalınca Mömün gedərdi, arıya da o baxardı. Ömrü boyu işlədi Mömün, ancaq özünə hörmət etdirməyi öyrənə bilmədi.

Üstəlik, Mömünün zahiri görkəmi də ağsaqqal yöndəmi deyildi. Nə təmkini, nə vüqarı, nə də sərtliyi vardı. Sadədil adam idi və onun bu qədirbilinməz insan məcazını ilk baxışdan sezmək olurdu. Həmişə belələrinə öyüd veriblər: “Yaxşı olma, yaman ol! Bax sənə bu da azdır! Bu da azdır! Yaman ol, yaman!” O isə bədbəxtliyindən düzəlmirdi, yaxşı olaraq qalırdı. Gülümsər, qırış-qırış sifəti vardı, gözləri isə daim sual edirdi: “Sənə nə lazımdır? Nə lazımsa, sənin üçün eləyim. Qulluğunda hazıram, bircə de görüm, ürəyin nə istəyir?” Burnu yumşaqdı, ördək dimdiyinə oxşayırdı, elə bil heç qığırdağı yoxdu. Boyu da uca deyildi, yeniyetmə kimi çevikdi qoca. Saqqal sarıdan da bəxti gətirməmişdi. Çənəsində iki-üç sarımtıl tük vardı.

Bəzən belə olur – bir də görürsən yolla boylu-buxunlu bir qoca gedir, saqqalı dərz kimi, quzu dərisindən qatlama yaxalıqlı iri kürk geyinib, başında bahalı papaq, altında şahbaz at, yəhəri də gümüş bəzəkli – müdrikdən, peyğəmbərdən nəyi əskikdir, beləsinə baş əymək də qəbahət deyil, belələrinin hər yerdə hörmət-izzəti var! Mömün isə vur-tut Qıvraq Mömün kimi tanınmışdı. Onun yeganə üstünlüyü bundan ibarət idi ki, kiminsə gözündən düşəcəyindən ehtiyat etmirdi, vəssalam. (Bu cür oturmadın, yersiz danışdın, düz cavab vermədin, elə gülmədin, bu belə olmadı, o belə deyil, elə yox…) Bu mənada Mömün özü də bilmədən son dərəcə xoşbəxt adam idi. Çoxları heç də o qədər xəstəlikdən deyil, nə qədər özlərini olduğundan daha artıq göstərmək azarının əbədi ehtirasından ölürlər. (Kim istəməz ki, ağıllı, ləyaqətli, gözəl, həmçinin zabitəli, adil, səbatlı adam kimi tanınsın?)

Mömün isə belə deyildi. O, qəribə adam idi və onunla olduğu kimi də rəftar edirdilər.

Mömünün bircə şey bərk xətrinə dəyə bilərdi: kiminsə yas mərasimini keçirməkdən ötrü qohum-əqrəba məşvərətinə onu unudub çağırmasınlar… Belə halda o inciyərdi və ciddi iztirab çəkərdi; özü də buna görə yox ki, onu yada salmayıblar, yox, onsuz da məşvərət zamanı o heç nə həll eləmirdi, yalnız orada iştirak edirdi, ondan inciyərdi ki, qədim adəti yerinə yetirmək borcu pozulurdu.

Mömünün öz dərdi-səri vardı, bunlardan əzab çəkərdi, gecələr bunları xatırlayıb ağlayardı. Yad adamlar bu barədə, demək olar ki, heç nə bilmirdilər. Özününkülərə isə bu agah idi. Mömün nəvəsini avtodükanın yanında görəndə dərhal anladı ki, oğlan, nədənsə, pərtdir. Satıcı gəlmə adam olduğundan qoca əvvəlcə ona müraciət etdi. Cəld yəhərdən endi, dərhal iki əlini də satıcıya sarı uzatdı.

– Əssəlam-əleyküm, taciri-müəzzəm! – o, yarızarafat, yarıciddi dedi. – Karvanının qədəmləri uğurludurmu, alverin yaxşı gedirmi? – Mömün sevinc içində satıcının əlini silkələyirdi. – Gör nə vaxtdır görüşmürük? Xoş gəlibsən!

Mömünün danışığına, çirkin görkəminə, həmin köhnə kirza çəkmələrinə, qarısının tikdiyi kətan şalvarına, əzik-bürüşük pencəyinə, yağışdan və günəşdən rəngi solmuş gecə şlyapasına kinayəylə gülümsünən satıcı cavab verdi:

– Karvan karvanlığındadır. Amma bəla burasındadır ki, tacir sizlərə gəlir, siz də baş götürüb meşələrə, dərələrə qaçırsınız. Arvadlarınıza da elə gözağartması vermisiniz ki, qəpik üçün can çəkirlər. Nə qədər mal gətirirsən gətir bura, əlini cibinə salan olmayacaq.

– Bağışla, əzizim, – Mömün pərt halda üzr istədi. – Bilsəydik, gəlirsən, heç yana getməzdik. Pul da ki yoxdur, yoxun üzü qara olsun. Bax payızda kartofu satarıq…

– Danışırsan da! – satıcı onun sözünü kəsdi. – Yaxşı tanıyıram sizi – üfunət qoxuyan bayları. Çəkilmisiniz dağlara, torpaq bol, ot bol. Hər tərəf meşə – üç gün gəzib-dolanmaq olmaz. Mal-qara saxlayırsan? Arı saxlayırsan? Qəpik xərcləməyə xəsislik edirsiniz. Bax bu ipək örtüyü al, tikiş maşını da bir dənə qalıb…

– Vallah, o qədər pulum yoxdur, – Mömün özünə bəraət qazandırmağa çalışdı.

– Elə bilirsən, inanacağam. Simiclik eləyirsən, qoca, pul yığırsan. Goruna aparacaqsan?

– Vallah, yox. Buynuzlu ana marala and olsun, yoxumdur.

– Onda məxmər al, təzə şalvar tikdirərsən.

– Alardım, and olsun Buynuzlu ana marala…

– Ee, səninlə çənə vurmağın nə mənası! – satıcı əlini yellədi. – Nahaq yerə gəldim. Bəs Orozqul haradadır?

– Elə səhərdən Aksaya gedəndir. Çobanlarla işi vardı.

– Demək, qonaq gedib, – satıcı bilərəkdən təsdiqlədi.

Araya cansıxıcı sükut çökdü.

– Xətrinə dəyməsin, əzizim, – Mömün yenidən dilləndi. – Payızda, Allah qoysa, kartofu satarıq…

– Payıza hələ çox qalıb.

– İndi ki belədir, bizi qınama. Gəl bir stəkan çay iç.

– Onun üçün gəlməmişəm, – satıcı imtina elədi.

O, furqonun qapısını bağlayırdı, elə bu dəm, itin qulağından yapışıb maşının arxasınca qaçmağa hazır vəziyyətdə qocanın yaxınlığında dayanmış nəvəyə baxaraq Mömünə dedi:

– Yaxşı, heç olmasa, çanta al. Oğlanın, yəqin ki, məktəbə getmək vaxtı çatmış olar? Neçə yaşı var?

Mömün bu fikri dərhal bəyəndi: bu inadkar avtodükançıdan, heç olmasa, bir şey alsın, nəvəsinə də, həqiqətən, çanta lazım idi, bu payız məktəbə getməliydi.

– Axı, doğrudan da, belədir, – Mömün vurnuxdu, – heç ağlıma da gəlmirdi. Bəs necə, yeddi tamam olub, səkkizin içindədir. Bir bura gəl, – o, nəvəsini çağırdı.

Baba ciblərini eşələdi, gizlədiyi beşliyi çıxartdı. Görünür, çoxdan cibindəymiş, qat kəsmişdi.

– Pələqulaq, al, – satıcı bic-bic oğlana göz vurdu və çantanı ona verdi. – Daha oxumalısan. Əgər savad qazanmasan, babanla həmişəlik dağlarda qalarsan.

– Qazanar! Fəhmli baladır, – Mömün pulun qalığını saya-saya dilləndi.

Sonra təzə çantasını əlində inamsız tutan nəvəsinə baxdı, onu bağrına basdı, astadan dedi:

– Çox əcəb. Payızda məktəbə gedərsən. – Baba qayım, ağır əlini ehmalca oğlanın başına qoydu.

Elə bu zaman oğlanı birdən-birə qəhər boğdu və babasının arıqlığını, onun paltarından gələn tanış qoxunu duydu. Ondan quru ot və iş adamının tər iyi gəlirdi. Bəlkə də, həyatda ona ən sədaqətli, etibarlı, doğma olan, onun üçün canını belə əsirgəməyən yeganə bir adam vardı, o da belə sadəlövh, qəribə qoca kişi idi ki, ağıllılar onu Qıvraq Mömün ləqəbi ilə çağırırdılar… Nə olsun ki? Hər necə olsa da, yaxşı ki, hər halda, öz babası vardı.

Oğlan ağlına da gətirməzdi ki, onun sevinci bu qədər böyük ola bilər. İndiyədək o, məktəb haqqında düşünmürdü. İndiyədək o, məktəb uşaqlarını yalnız babası ilə dağlar arxasındakı İssık-göl kəndlərinə, hörmətli buqu qocalarının yasına gedəndə görmüşdü. Özü də bu andan etibarən oğlan çantanı əlindən yerə qoymurdu. O, dərhal sevinclə, qürrəylə qaçaraq bütün məntəqə sakinlərinə baş çəkdi, əvvəlcə nənəsinə göstərdi – bax, deməzsənmi, babam alıb! Sonra Bekey xalaya göstərdi, o da çantaya görə sevinib oğlanın özünü təriflədi.

Bekey xalanın nadir hallarda əhvalı xoş olardı. Əksər vaxtları qaşqabaqlı, hirsli olardı, öz bacısı oğluna məhəl qoymazdı, gözünə oğlanmı görünürdü… Öz dərdi özünə bəs eləyirdi. Nənəsi deyirdi: “Züryəti olmuş olsaydı, o, tamamilə başqa cür arvad olardı”. Əri Orozqul da eləcə. Onda Mömün baba da indiki kimi olmazdı, ayrı cür adam olardı. Babanın iki qızı vardı – Bekey xala, bir də oğlanın anası – kiçik qızı; buna baxmayaraq, hər halda, öz övladının olmamağı pis şeydir, çox pis. Övladının övladı olmaması daha pisdir. Nənə belə deyir. Gəl onu başa düş…

Bekey xaladan sonra oğlan çantasını cavanəzən Gülcamala və onun qızına göstərmək üçün onlara tərəf qaçdı. Oradan ot çalınan yerə, Seyidəhmədin yanına endi. Yenə də sarı daşın – “Dəvə”nin yanından qaçaraq keçdi, yenə də onun hürgücünü sığallamağa vaxtı olmadı, “Yəhər”in, “Canavar”ın, “Tank”ın yanından ötdü, sonra hey sahillər, çaytikanı kolluğunun arası ilə uzanan cığırla getdi, nəhayət, çalınmış ot şırımı ilə düz biçənəyə, Seyidəhmədin yanına qaçıb gəldi.

Bu gün Seyidəhməd burada tək idi. Baba öz vərini, üstəlik, Orozqulun da vərini çalıb qurtarmışdı. Onlar çaldıqları otu da aparmışdılar – nənə ilə Bekey xala dırmıqlayıb yığmışdılar. Mömün qotmalamışdı, o da babasına arabaya daşımaqda kömək eləmişdi. Pəyənin yanında iki taya vurmuşdular. Baba onları elə səliqəylə yığmışdı ki, necə yağış olur olsun, içinə keçməzdi. Tayalar daraqla daranıbmış kimi sığallı idi. Hər il belə olurdu. Orozqul ot çalmırdı, hər işi qayınatasının boynuna yükləyirdi, necə olmasa da, özü rəis idi axı. “İstəsəm, – deyərdi, – ikinizi də birdən işdən qovaram”. Bu sözləri babaya və Seyidəhmədə deyirdi. Kefli olanda belə səfehləyirdi. Babanı qovmazdı. Onda bəs kim işləyəcəkdi? Babasız qalsın, görüm necə qalacaq! Meşədə, xüsusilə payızda iş çox olur. Baba deyirdi: “Meşə qoyun sürüsü deyil, dağılışıb itməz. Amma ona daha çox gözəl olmaq lazımdır. Ona görə ki yanğın düşsə, yaxud dağdan güclü sel gəlsə, ağaclar kənara çəkilməz, yerindən tərpənməz, durduğu yerdə məhv olar. Meşəçi də ona görədir ki, ağac tələf olmasın”. Seyidəhmədi də Orozqul qovmaz, çünki dinc adamdır. Heç nəyə qarışmır, höcət eləmir. Ancaq o, sağlam gənc olsa da, tənbəldir, yatağandır. Buna görə də özünü meşəçiliyə verib. Baba deyir: “Sovxozda belə oğlanlar maşın sürür, traktorla yer şumlayır”. Seyidəhmədin isə bağçasında kartofu cücü basıb. Əliuşaqlı Gülcamal bağ-bostanı özü becərməli olub.

Ot çalımının başlanmasını da Seyidəhməd yubatmışdı. Srağagün baba bunun üstündə onu bərk danladı: “Ötən qış, – dedi, – sənə yox, heyvanlara yazığım gəldi. Ona görə də ot bölüb verdim. Əgər bu dəfə də mən qocanın otuna göz dikmisənsə, indidən de, sənin üçün də ot çalım”. Deyəsən, söz kar eləmişdi, səhər tezdən Seyidəhməd də əlinə dəryaz almışdı.

Arxadan iti addım səsi eşidən Seyidəhməd dönüb baxdı, köynəyinin qolu ilə üzünü sildi.

– Sən haradan belə? Məni çağırırlar-nədir?

– Yox. Çantam var. Budur. Babam alıb. Məktəbə gedəcəyəm.

– Elə bundan ötrü qaçıb bura gəlmisən? – Seyidəhməd qəhqəhə çəkdi. – Mömün baba belədir, – barmağı ilə gicgahını göstərdi, – sən də ona çəkmisən. Yaxşı, ver görüm, necə çantadır? – O, kilidi şaqqıldatdı, çantanı əli ilə otərəf-butərəfə çevirib baxdı, qaytardı, istehza ilə başını buladı, səsini qaldırdı. – Yaxşı, de görüm, sən hansı məktəbə gedəcəksən? Haradadır sənin o məktəbin?

– Necə yəni hansı məktəbə? Fermadakına.

– Yəni Celesaya gedəcəksən? – Seyidəhməd təəccübləndi. – Axı oraya dağı aşıb keçsən, beş kilometrdən az olmaz.

– Babam dedi ki, məni atla aparıb-gətirəcək.

– Hər gün gedib-gələcək? Qoca səfehləyib… Elə onun özünün də məktəbə getmək çağıdır. Səninlə bir partada oturar, dərslər qurtaranda da – haydı geriyə! – Seyidəhməd gülməkdən uğundu. O, Mömün babanı nəvəsi ilə bir məktəb partasında yanaşı oturan təsəvvür etdikcə qəşş elədi.

Oğlan pərt halda susdu.

Seyidəhməd izah elədi:

– Yaxşı, küsmə, mən elə-belə, gülmək üçün deyirdim!

O, oğlanın burnuna yüngülvarı çırtma vurdu, başındakı baba furajkasının günlüyündən tutub gözünün üstünə basdı. Mömün meşəçi furajkasını başına qoymurdu, utanırdı. (“Nə olub, rəis-zad deyiləm ki? Mən öz qırğız papağımı heç nəyə dəyişmərəm”.) Yayda Mömünün başında kənarları solğun qara sətinlə haşiyələnmiş ağ kolpak deyilən “qədimi” keçə şlyapa olardı, qışda isə o, qoyun dərisindən köhnə dəbli tebetey gəzdirərdi. Meşə fəhləsinə məxsus formalı yaşıl furajkanı isə nəvəsinə vermişdi, o gəzdirirdi başında.

Seyidəhmədin yeni xəbəri belə istehza ilə qarşılaması oğlanın xətrinə dəydi. O, qaşqabaqlı halda furajkanın günlüyünü alnına qaldırdı, özü də Seyidəhməd onun burnuna yenə çırtma vurmaq istəyəndə başını kənara əydi və qabardı:

– Əlini çək!

– Ay səni, əcəb hirsliymişsən? – Seyidəhməd qımışdı. – İncimə. Çantan nəyə desən, dəyər! – Özü də əlini onun çiyninə vurdu. – İndi isə aralaş. Mən hələ ot çalmalıyam, bilirsən nə qədər…

Seyidəhməd ovcuna tüpürüb yenə dəryazdan yapışdı.

Oğlan isə yenə həmin cığırla və yenə də həmin daşların yanından ötərək evə qaçırdı. Daşlarla oynamağa hələlik vaxtı yox idi. Çanta gərəkli şeydi…

Oğlan öz-özüylə danışmağı xoşlayırdı. Amma bu dəfə o özünə yox, çantaya müraciət etdi: “Sən onun sözünə inanma, mənim babam heç də elə adam deyil. Biclik-zad bilmir və buna görə də ona gülürlər. Çünki babam əsla biclik bilmir. O səninlə məni məktəbə aparacaq. Sən hələ bilmirsən, məktəb haradadır? Çox da uzaqda deyil. Mən sənə göstərərəm. Biz ona Qarovul dağından durbinlə baxarıq. Hələ sənə ağ gəmimi də göstərərəm. Ancaq gərək əvvəlcə dama gedək. Durbinimi orada gizlətmişəm. Buzova baxmalıyam, amma hər dəfə qaçıb gedirəm ağ gəmiyə tamaşa eləməyə. Buzovumuz lap böyüyüb – dartınanda saxlamaq olmur, adət eləyib, inəyi əmmək istəyir. İnək – onun anasıdır, öz südünü əsirgəmir. Başa düşürsən? Analar heç vaxt heç nəyə qızırqanmırlar. Gülcamal da belə deyir, onun öz qızı var… Tezliklə inəyi sağacaqlar, sonra biz buzovu aparıb otaracağıq. O zaman biz Qarovul dağına dırmaşıb oradan ağ gəmini görərik. Bilirsən, mən durbinlə də bax beləcə danışıram. İndi biz üç olacağıq – mən, sən və durbin…”

O beləcə evə qayıdırdı. Çanta ilə danışmaq xeyli xoşuna gəlmişdi. Söhbəti davam etdirmək niyyətində idi, istəyirdi özü barədə danışsın, çanta hələ çox şeyləri bilmirdi. Lakin ona mane oldular. Yan tərəfdən at tappıltısı eşidildi. Ağacların arasından bir atlı çıxdı. Gələn Orozqul idi. O da evə qayıdırdı. Özündən savayı heç kəsə etibar eləmədiyi boz atı Alabaşın belində, döşlüyü cingiltili gümüş asmalı, mis üzəngili səfər yəhərinə yayxanmışdı.

Orozqulun şlyapası peysərinə enmişdi, xırda tük basan qırmızı alnı açıq qalmışdı. İsti, bürkülü havada onu mürgü basmışdı. Yol gedə-gedə yatırdı. Rayon rəhbərliyinin qiyafəsinə oxşar, yöndəmsiz tikilmiş məxmər kitelinin bütün düymələri açılmışdı. Göbəyində ağ köynəyi kəmərin altından çıxmışdı. O, tox və kefli idi. Bir az əvvəl qonaqlıqda olmuş, köpüncə kumıs içmiş, ət yemişdi. Yay vaxtları ətraf yaylaqlardakı çobanlar və ilxıçılar tez-tez Orozqulu qonaq edirdilər. Onun köhnə dost-tanışları vardı. Amma onu bir niyyətlə qonaq çağırırdılar. Orozqul lazımlı adam idi. Xüsusən dağda ola-ola kənddə ev tikənlər üçün; sürünü başlı-başına buraxıb gedə bilməz, tikinti materiallarını haradan tapacaqdı? Hər şeydən də əvvəl taxta-şalbanı? Lakin Orozqulu razı salanda onda görərdin qoruq meşədən iki-üç seçmə tir verdi sənə, apar, get arxayınca. Yox, belə eləməsən, dağlarda başın sürüyə qarışar, evin də bir əsrə tikilib qurtarmaz…

Ağırlaşmış, təşəxxüslü Orozqul uzunboğaz xrom çəkmələrinin ucunu üzəngiyə saymazyana dirəyərək yəhərdə mürgü vura-vura yol gedirdi.

Oğlan çantanı yellədə-yellədə gözlənilmədən qabağına yüyürəndə az qalmışdı atdan yıxılsın.

– Orozqul əmi, çantam var! Məktəbə gedəcəyəm. Bax çantama!

– Səni görüm!.. – Orozqul qorxmuş halda yüyəni dartıb söydü.

O, yuxusuzluqdan və sərxoşluqdan qan çəkmiş gözlərini oğlana zillədi:

– Sən burada neynirsən, haradan belə?

– Mən evə gedirəm. Çantam var, onu Seyidəhmədə göstərirdim, – oğlan zəif səslə cavab verdi.

– Yaxşı, oyna, – Orozqul deyindi və yəhərdə inamsız halda yırğalanaraq yoluna davam etdi.

Başqalarına düjün-düjün züryət bəxş etdiyi halda, Allah bu tale küskününə öz belindən gələn bir oğulsa verməmişdi, ata-anasının atıb getdiyi, arvadının bacısı oğlu olan bu gədə və onun andıra qalmış çantasımı görünürdü Orozqulun gözünə?..

Orozqul fısıldayıb hıçqırdı. Qubar və qəzəb onu boğurdu. Heyifsilənirdi ki, ömrünü nişanəsiz başa vuracaq və bu dəm onun ürəyində arvadının sonsuzluğuna qəzəbi lap coşdu. O məlun arvadı neçə il idi ki, qısır gəzirdi.

“Gör sənə neylərəm!” – Orozqul xəyalən onu hədələdi, ətli yumruqlarını düydü, hönkürüb ağlamasın deyə qəhərini içində boğub inildədi. Bilirdi işini, qayıdan kimi onu döyəcəkdi. Orozqul içəndə həmişə belə olurdu; bu öküz boyda kişi dərddən və qəzəbdən ağlını itirirdi.








Oğlan cığırla onun ardınca gedirdi. O, qəflətən Orozqul gözdən itəndə heyrətə gəldi. Orozqul isə çaya sarı dönüb atdan düşdü, yüyəni atıb hündür otların arası ilə irəlilədi. O, ləngər vura-vura, əyilərək gedirdi. Əlləri ilə üzünü örtüb başını çiyinləri arasına çəkərək gedirdi. Çayın qırağına çatanda Orozqul çömbəldi. Ovcunu çay suyu ilə doldurub üzünə çırpdı.

“Görünür, istidən başağrısı tutub”, – Orozqulun hərəkətlərinə göz qoyan oğlan belə qənaətə gəldi. O bilmirdi ki, Orozqul ağlayır və hıçqırıqlarını kəsə bilmir. Ona görə ağlayırdı ki, qabağına yüyürən öz doğma oğlu deyildi, ona görə ağlayırdı ki, çantalı oğlana bir neçə kəlmə adam kimi söz demək üçün özünü ələ ala bilməmişdi.




2


Qarovul dağının kəlləsindən ətrafın geniş mənzərəsi açılırdı. Oğlan qarnı üstə uzanıb durbini gözünə uyğunlaşdırırdı. Bu çox yaxşı göstərən səhra durbini idi. Nə vaxtsa babasına uzun müddət meşə məntəqəsində işlədiyinə görə mükafat vermişdilər. Qoca durbin gəzdirməyi sevmirdi: “Öz gözlərim bundan pis görmür”. Nəvəsinin isə xoşuna gəlirdi.

Bu dəfə o, dağın başına durbin və çanta ilə gəlmişdi.

Əvvəlcə şeylər oynaşdı, kiçik dairəvi şüşə gözdə bir- birinə qarışdı, sonra birdən aydınlaşdı və hər şey öz yerində dayandı. Bu olduqca maraqlı idi. Oğlan nəfəsini çəkib sakit dayandı ki, tapdığı fokusu itirməsin. Sonra o, durbini başqa səmtə döndərdi və yenidən hər şey bir-birinə qarışdı. Oğlan yenə də okulyarı fırlatmağa başladı.

Buradan hər şey görünürdü. Yalnız səmadan aşağıda olan ən uca qarlı zirvələr də. Dağların arxasındaydı onlar, bütün dağlardan və bütün yer üzündən ucada qərar tutmuşdular. Qarşı zirvələrdən aşağıdakı dağların yamacları meşəlikdi. Ətəkləri qalın cəngəllik, yuxarıları qaraşamlıq. Güngey dağları da günəşlə üzbəüz dayanmışdı; Güngeyin yamaclarında otdan savayı heç nə bitmirdi. Göl tərəfdəki nisbətən alçaq dağlar isə büsbütün çınqıllı, çılpaq yamaclardan ibarət idi. Yamaclar vadiyədək enirdi, vadi isə göldə birləşirdi. Elə həmin tərəfdə tarlalar, bağlar, kəndlər uzanıb gedirdi… Yaşıl əkin sahələri arasında ala-tala sarı yerlər gözə dəyirdi – biçin yaxınlaşırdı. Yollarda balaca avtomobillər siçan kimi şütüyürdülər, onların arxasınca uzun toz quyruqları burulurdu. Yerin ən ucqar bucağında, gözün sezə biləcəyi son həddə, qumlu sahil yolağından o tərəfdə sinəsi qabarmış gölün tünd-mavi əyriliyi göyərirdi. O, İssık-göl idi. Orada su ilə səma birləşirdi. Oradan o yana heç nə yox idi. Göl sakit uyumuşdu, bərq vururdu, kimsəsiz idi. Yalnız sahildə ləpədöyənin oynatdığı ağ köpük güclə sezilirdi.

Oğlan bu tərəfə çox baxdı, çantaya dedi: “Ağ gəmi görünmədi. Gəl məktəbimizə bir də baxaq”.

Buradan dağın arxasındakı qonşu dərə bütövlükdə yaxşı görünürdü. Durbinlə baxanda hətta evin qabağında, pəncərənin altında oturan qarının əlindəki iplik də aydın nəzərə çarpırdı.

Celasay dərəsində meşə yoxdu, qırılandan sonra yalnız orada-burada tənha, qocaman şam ağacları qalmışdı. Bir vaxtlar buralar meşəlik imiş. İndi damı şiferli mal-qara tövlələri cərgələnmişdi, iri peyin topaları və küləş tayaları gözə dəyirdi. Burada südçülük fermaları üçün cins düyələr bəslənirdi. Elə orada, mal-qara tövlələrindən azca aralıda gödəcik bir küçə vardı – maldarların qəsəbəsi. Küçə əydəmli təpədən aşağı meyillənirdi. Küçənin lap kənarındaca kiçik bir bina vardı, görkəmindən bilinirdi ki, yaşayış evi deyil. Dördillik məktəb bu elə özü idi. Yuxarı sinif uşaqları oxumağa sovxozdakı internat-məktəbə gedirdilər. Burada isə balacalar oxuyurdular.

Oğlan qəsəbədə olmuşdu, boğazı ağrıyanda babası ilə feldşerin yanına getmişdi. İndi o, durbinlə boz kirəmitli, tənha əyri borulu, üzərində əl ilə “Məktəb” yazılmış faner lövhəli kiçik binaya zəndlə baxırdı. O oxuya bilmirdi, ancaq ağlına gəlirdi ki, məhz bu söz yazıla bilər. Durbində ən kiçik şeylər belə ən xırda təfərrüatı ilə aydın görünürdü. Divarın suvağı üzərində cızılmış qarışıq sözlər, kağız yapışdırılmış pəncərə şüşəsi, eyvanın şişib qabarmış, kələ-kötür taxtaları… O, əlində çanta bura necə gələcəyini, indi cəftəsindən iri qıfıl asılan bu qapıdan içəri necə addımlayacağını təsəvvürünə gətirdi. Bəs orada, qapının arxasında nələr olacaqdı?

Məktəbə baxıb qurtarandan sonra oğlan yenə durbini gölə sarı yönəltdi. Orada isə hər şey əvvəlki kimi idi. Ağ gəmi hələ gözə dəymirdi. Oğlan dönüb arxası gölə oturdu, durbini kənara qoyaraq aşağı, dağın dibinə baxmağa başladı. Aşağıda, dağın lap dibiylə uzun dərəboyu gümüşü kandarlı çay kükrəyərək axırdı. Çayla yanaşı sahildə yol uzanırdı və çayla birlikdə yol da dərə döngəsinin arxasında gözdən itirdi. O biri sahil yarğanlı və meşəli idi. San-Taş meşə qoruğu məhz buradan başlayır, dağların qarlı başınadək yüksəlirdi. Şam ağacları bütün ağaclardan yuxarıda bitmişdilər. Tünd, biz-biz yarpaqlı o şamlar silsilə dağların qılıclarında, qarın, qayaların arasında dimdik dayanmışdılar.

Məntəqənin həyətindəki evə, mərəyə və onun yanındakı tikililərə baxanda oğlanın gülməyi tuturdu. Yuxarıdan onlar balaca, yastı-yapalaq görünürdü. Məntəqədən o tayda, sahilboyunda öz tanış daşlarını gördü. Onların hamısını – “Dəvə”ni, “Canavar”ı, “Yəhər”i, “Tank”ı – birinci dəfə buradan, Qarovul dağının başından durbinlə seyr etmişdi, elə adlarını da o zaman qoymuşdu.

Oğlan bic-bic gülümsədi, ayağa qalxıb həyətə sarı bir daş atdı. Daş bir qədər aralıda dağın belinə düşdü. Oğlan yenə də öz yerində oturub durbinlə məntəqəyə baxmağa başladı. Əvvəlcə iri linza tərəfdən balaca gözünə baxdı – evlər lap uzaqlara çəkilib getdi, oyuncaq qutularına çevrildi. İri qayalar dönüb xırdalaşdı. Babasının çayın dayazlığındakı dəhnəsi lap gülünc göründü. Sərçənin topuğundan olardı. Oğlan gülümsündü, başını buladı və cəld durbini çevirdi, okulyarı fırladı. Onun sevimli daşları nəhəngləşərək elə bil alınlarını durbinin şüşəsinə dirəmişdilər. “Dəvə”, “Canavar”, “Yəhər”, “Tank” elə heybətli idilər ki… Kələ-kötür, çat-çat gövdələrindən dəmrov rəngli ləkələr, ən ümdəsi bu idi ki, oğlanın bənzətdiyi şeylərə çox oxşayırdılar. “Hələ “Canavar”a bir bax! Hələ “Tank”a bax, tank buna deyərəm!..”

Babanın dəhnəsi qayalardan o tərəfdə, çayın dayazlığında idi. Sahilin bu yeri durbinlə yaxşı görünürdü. Su qənbərliyə – enli dayaz yerə ani olaraq gəlir, aşırımlarda köpüklənib daşır, yenidən çayın qıjovuna axıb tökülürdü. Çayın dayazlığında su dizdən idi. Lakin elə iti axırdı ki, onun kimi belə cansız-çəlimsiz oğlanı asanlıqla çayaşağı aparardı. Axın onu aparmasın deyə oğlan sahildəki söyüddən yapışardı, özü də kol söyüd lap çayın qırağında bitmişdi – budaqlarının bir qismi quruda idi, o biriləri isə çaya sallanmışdı. Bu da çimməkdi? At kimi elə bil cilovlamışdılar; üstəlik də, nə qədər qanqaralığı və söyüşlər! Nənə babaya deyərdi: “Çay aparsa, özündən küssün, gözümün ucuyla da baxmaram. Çox lazım idi mənə! Atası, anası atıb getdi. Dərdim-sərim özümə bəsdir, daha taqətim tükənib”.

Nə söz ola bilər? Qarı olsa da, sözün düzünü deyirdi. Amma orası da var ki, yazıq oğlan da heyif olardı. Axı çay lap yaxından, qapının ağzından axırdı. Qarı nə qədər qorxuzsa da, oğlan özünü suya vurası olurdu. Bax elə o vaxt Mömün qərara gəldi ki, çayın dayazlığında daşlardan dəhnə düzəltsin, oğlan burada qorxusuz-ürküsüz çimsin.

Qoca Mömün nə qədər daş daşıdı, özü də irilərini seçirdi ki, su diyirlədib aparmasın. Onları qarnının üstündə daşıyırdı, suyun içinə girib daşları yan-yana elə düzürdü ki, su aradan axıb içəri dolsun və eləcə də rahat süzülüb gedə bilsin. Arıq, seyrək saqqallı bu gülməli qoca, tumanı islanıb bədəninə yapışmış halda, bütün günü bu dəhnə ilə əlləşirdi. Axşamlar üzüqoylu düşüb qalır, öskürür, ağrıdan belini düzəldə bilmirdi. Bax elə o zaman nənənin ağzı açıldı, necə açıldı: “Kiçiyi səfehdir, nə deyəsən, balacadır, bəs bu qoca axmağa nə düşüb? Özünü niyə əldən salırdın? Yeməyini verirsən, içməyini verirsən, ayrı nə lazımdır? Əlindən gələni eləyirsən. Of, bunun axırı yaxşı olmayacaq!..”

İnsafən, çayın dayazlığında dəhnə çox gözəl çıxmışdı. İndi oğlan qorxusuz-ürküsüz çimirdi. Budaqdan yapışaraq sahildən enir, suya tullanırdı. Özü də hökmən gözüaçıq halda. Ona görə gözlərini yummurdu ki, balıqlar da suda gözüaçıq üzürlər. Onun belə qəribə bir arzusu vardı: istəyirdi ki, balıq olsun. Və üzüb getsin.

İndi durbinlə dəhnəyə baxanda oğlan təsəvvürünə gətirdi ki, köynəyini, şalvarını necə soyunub atır, çılın- çılpaq, büzüşə-büzüşə suya necə girir. Dağ çaylarının suyu həmişə soyuq olur, əvvəlcə canına üşütmə salır, sonra alışırsan. O, söyüd budağından yapışaraq üzüaşağı axına necə milləndiyini gözləri önünə gətirdi. Yarılmış su başı üzərində necə də şappıldayıb birləşir, qarnında, kürəyində, ayaqlarında necə vicvicə qoparırdı. Suyun altında bayırdakı səslər eşidilmir, qulaqlarına yalnız şırıltı gəlir. Və o, gözlərini bərəldib suyun altında nəzərə çarpa biləcək şeylərin hamısına zəndlə baxırdı. Gözləri geyişirdi, gözləri ağrıyırdı, lakin o, qürurla öz-özünə gülümsəyir, hətta suda dilini çıxarıb acıq da verirdi. Nənəsinə acıq verirdi. Qoy bilsin ki, o batıb-eləmir və heç nədən də qorxan deyil. Sonra o, budağı əlindən buraxır, su onu aparır, nəhayət, ayaqlarını dəhnənin daşlarına dirəyirdi. Bu zaman nəfəsi tıncıxırdı. O, bir təkan verib suyun üzünə qalxır, sahilə çıxır və kol söyüdə sarı qaçırdı. Dönə-dönə belə edirdi. Babanın dəhnəsində gündə yüz dəfə belə çimməyə hazırdı. Dönüb lap balıq olanadək çimmək istəyirdi. O, mütləq, necə olursa olsun, balıq olmaq istəyirdi…

Çayın sahilini seyr edə-edə oğlan durbini öz həyətlərinə sarı döndərdi. Toyuqlar, hinduşka və balaları, kötüyə sancılmış balta, tüstülənən samovar və həyətdəki başqa-başqa şeylər elə iri görünürdü, elə yaxında idi ki, oğlan istər-istəməz əlini onlara tərəf uzatdı. Elə bu dəm durbinin fil boyda böyütdüyü boz buzovun ipdən asılmış alt paltarını rahat-rahat çeynədiyini görüb dəhşətə gəldi. Buzov ləzzətdən gözlərini qıymışdı, dodaqlarından selik axırdı – nənənin paltarını ağızdolusu çeynəmək onun xoşuna gəlirdi…

– Axmağın biri! – Oğlan durbinlə birlikdə dikəldi və əlini havada yellətdi: – Çəkil, tez! Eşidirsən, rədd ol! Baltek! Baltek! (Köpək evin yanında rahatca yatmışdı.) Tut, qap onu! – Dilxor halda itə əmr elədi.

Lakin Baltek heç qulağını da tərpətmədi. Elə yatmışdı ki, dünyadan xəbəri yoxdu.

Elə bu vaxt nənə evdən çıxdı. Qarı bunu görüb əllərini dizinə çırpdı. Süpürgəni qapıb buzovun üstünə cumdu. Buzov götürüldü, nənə də onun dalınca. Oğlan durbinin səmtini dəyişmədən yerə çökdü ki, dağın başından görünməsin. Qarı buzovu qovub söyə-söyə evə sarı döndü, hirsindən və tez-tez getdiyindən təngnəfəs olmuşdu. Oğlan onu elə yaxşı görürdü ki, sanki lap yanında dayanmışdı, bəlkə, hələ ondan da yaxında. O, qarını obyektivdə iri planda götürmüşdü. Kinoda adamın sifətini ayrıca iri planla göstərdikləri kimi. Hələ qarının qəzəbdən qıyılmış sarımtıl gözlərini də görürdü. Qırışmış, qat-qat olmuş üzünün büsbütün pörtdüyünü görürdü; kinoda qəflətən səs kəsiləndə olduğu kimi, nənənin dodaqlarının durbində tez-tez, səssiz tərpəndiyini və kobud, tək-tək dişlərini görürdü. Qarının qışqıra-qışqıra nələr dediyini uzaqdan ayırd etmək çətindi, amma onun sözlərini oğlan elə aydın və səlis eşidirdi ki, elə bil lap qulağının dibində danışırdı. Qarı onu ay söyürdü ha! Oğlan əzbərdən bilirdi: “Yaxşı, baxarıq… Hələ qayıt gəl. Dərsini verərəm onda! Heç babaya da baxmaram. Neçə kərə demişəm, o gözə tutulan andırı tulla getsin. Yenə qaçıb gedib dağa. Görüm o şeytan gəmisinin altı üstünə çevrilsin, onu görüm suda batsın!..”

Oğlan dağ başında dərindən ah çəkdi. Tərsliyə bir bax, çanta alınan gün, məktəbə getməyin həsrətini çəkdiyi gün gərək elə buzov paltar çeynəyəydi!..

Qarı sakit olmaq bilmirdi. Söyməyini davam etdirərək çeynənmiş paltarına baxırdı. Gülcamal da qızı ilə onun yanına gəldi. Ona şikayətlənə-şikayətlənə qarı daha da qızışdı. Yumruqlarını qaldırıb dağa tərəf silkələdi. Sümükləri çıxmış qaramtıl yumruğu okulyarın önündə onu uzaqdan hədələyirdi: “Özünə əyləncə tapıb. Görüm o şeytan gəmisi yerə girsin! Onu görüm yanıb kül olsun, onu görüm suda batsın elə!..” Həyətdə samovar artıq qaynayırdı. Qapağın altından buxarın necə çıxdığı aydın görünürdü. Bekey xala samovarı aparmaq üçün bayıra çıxdı. Həngamə təzədən başladı. Nənə çeynənmiş paltarını az qala onun burnuna dürtəcəkdi: “Al, bacın oğlunun işdəklərinə bir bax!”

Bekey xala təskinlik verməyə, onu dilə tutmağa başladı. Oğlan onun dediklərini anlayırdı. Təxminən əvvəlkilər kimi: “Ənəkə, bir toxta. Uşaqdır, ağlı kəsmir, ondan nə umursan? Tək-tənhadır, tay-tuşu yoxdur. Niyə hay-küy salırsan, niyə uşağı qorxudursan?”

Nənə də, şübhəsiz, ona belə cavab verirdi: “Sən mənə öyüd vermə, hünərin var, doğ, onda görərsən uşaqdan nə umarlar. Orada, dağda o niyə veyillənir? Buzovu hörükləməyə vaxtı yoxdur. Bəs orada nəyə tamaşa edir? Özünün fərsiz valideynlərinə? Onu dünyaya gətirib, sonra da hərəsi baş götürüb bir yana qaçanlaramı? Sənin nə vecinə, sonsuzsan…”

Hətta uzaq məsafədən belə oğlan durbinlə gördü ki, Bekey xalanın batıq yanaqları necə bozardı, hirsindən bədəni necə titrəyib əsdi – yəqin bilirdi xalası əvəzini necə çıxacaq – o, ögey anasının üzünə çımxırdı: “Bəs özün, a kaftar, nə qədər oğul-qız böyütmüsən? Sən kimsən axı?” Qalmaqal təzədən necə başladı!.. Nənə yanıb-yaxıldı, özündən çıxdı. Gülcamal istədi arvadları barışdırsın, dilə tutdu onları, nənəni qucaqlayıb evə aparmağa çalışdı, o isə təzədən qızışdı, dəli kimi həyətdə otərəf-butərəfə qaçdı. Bekey xala qaynar samovarı götürüb suyu çalxalana-çalxalana, lap qaça-qaça evə apardı. Nənə isə əldən düşüb kötüyün üstünə çökdü. Hönkür-hönkür ağlayaraq öz taleyindən acı-acı şikayətləndi. İndi oğlan yaddan çıxmışdı, Allah-taalaya, bütün işıqlı dünyaya əl aparırdı. “Mən kiməm? Məndən soruşursan ki, mən kiməm? – nənə qızlığının ardınca söylənirdi. – Əgər Allahın qəzəbinə keçməsəydim, əgər beş körpəmi əlimdən almasaydı, madar oğlum on səkkiz yaşında müharibədə güllə qurbanı olmasaydı, əgər istəkli qocam Tayqara qoyun sürüsüylə birlikdə borana düşüb donmasaydı, mənim burada, meşə adamları arasında nə əməlim azmışdı. Mən sənin, sonsuzun tayıyam? Məgər mən bu ahıl yaşımda sənin səfeh atan Mömünlə yaşayardımmı? Günahım nəydi ki, məni bu bəlaya salmısan, məlun Allah!”

Oğlan durbini gözündən çəkdi, qəmli-qəmli başını aşağı saldı.

“İndi biz evə necə qayıdacağıq? – astadan o, çantaya dedi. – Bütün günahlar məndə və səfeh buzovdadır. Bir də səndədir, ay durbin. Sən daim məni ağ gəmiyə baxmağa çağırırsan. Sənin də təqsirin var”.

Oğlan ətrafına boylandı. Hər tərəf dağlar, qayalıq, daşlıq, meşəlik idi. Hündürdən – buzlaqdan irmaqlar bərq vuraraq səssiz-səmirsiz üzüaşağı axırdı, yalnız burada, aşağıda suyun səsi açılır, sanki əbədi olaraq, susmadan çayda hey zümzümə eləmək üçün dilə gəlirdi. Dağlar isə çox nəhəng idi və göz işlədikcə uzanıb gedirdi. Oğlan bala bu dəm özünü çox kiçik, tənha, unudulmuş hiss edirdi. Burada bir o idi, bir də dağlar, hər yanda dağlar, uca dağlar.

Günəş göl tərəfdə qürub edirdi. Havanın istisi azalmışdı. Şərq yamaclara ilk, qısa kölgələr düşmüşdü. Günəş indi get-gedə aşağı enəcək, kölgələr isə sürünüb aşağı, dağın dibinə düşəcəkdi. Bax günün bu çağında, adətən, İssık-göldə ağ gəmi peyda olurdu.

Oğlan durbini göz yetişən ən uzaq yerə yönəltdi və nəfəsini dərib dayandı. Odur ey! Ani olaraq hər şey yaddan çıxdı; orada, irəlidə İssık-göl gömgöy ləpələri arasında gəmi peyda olmuşdu. Üzür! Bax, odur ey! Qatarlanmış borulu, uzun, nəhəng, gözəl gəmi. O, dümdüz, birbaşa irəli gedirdi. Oğlan tələsik köynəyinin ətəyi ilə şüşəni silib bir daha okulyarı düzəltdi. Gəmi daha aydın göründü. İndi onun mavilikdə necə yırğalandığını, arxasınca necə şəffaf köpüklü iz buraxdığını sezmək olurdu. Oğlan gözünü çəkmədən, heyrətlə ağ gəmiyə baxırdı. Əgər iqtidarı olsaydı, ağ gəmidən xahiş edərdi ki, lap yaxına üzüb gəlsin, elə gəlsin ki, içindəki adamları da görmək mümkün olsun. Lakin gəmi bundan xəbərsiz idi. O, yavaş-yavaş, əzəmətlə öz yoluna davam edirdi, haradan gəldiyi, hara getdiyi bəlli deyildi.

Gəmi çox üzdü, oğlan isə ona baxa-baxa xeyli fikirləşdi ki, dönüb balıq olacaq, çayla üzüb ağ gəminin yanına gedəcək…

Günlərin birində, ilk dəfə Qarovul dağından İssık-gölün göy sinəsində ağ gəmini görərkən onun ürəyi bu gözəllikdən cuşa gəlmişdi, dərhal onda belə qənaət yaranmışdı ki, onun İssık-göl matrosu olan atası məhz bu ağ gəmidə üzür. Və oğlan buna inanmışdı, özü də ona görə ki ürəyi bunu çox istəyirdi.

O nə atasını, nə də anasını xatırlayırdı. Onları bir dəfə də görməmişdi. Onlardan heç biri bir dəfə də olsun ona baş çəkməmişdi. Ancaq oğlan yəqin bilirdi: atası İssık-göldə matros işləyir, anası isə atasından ayrılandan sonra oğlunu babanın yanında qoyub şəhərə gedib. Elə o gedən olub. Dağların o üzünə, göldən o tərəfə, o biri dağların da arxasındakı uzaq şəhərə gedib.

Mömün baba bir dəfə həmin şəhərə kartof satmağa getmişdi. Bir həftə xəbər-ətər olmadı, qayıdandan sonra çay içə-içə Bekey xalaya və nənəyə nəql etmişdi ki, öz qızını, yəni oğlanın anasını görüb. O, iri bir fabrikdə toxucu işləyir. Təzə ailə qurub – iki qızı var, uşaq bağçasına verir, həftədə yalnız bir dəfə görə bilir. Böyük bir binada olur, ancaq kiçik mənzilləri var, elə balacadır ki, tərpənmək olmur. Həyətdə isə, bazarda olduğu kimi, heç kəs heç kəsi tanımır. Hamı belə yaşayır – evlərinə girən kimi qapını kilidləyirlər. Həmişə, həbsxana kimi, bağlıda otururlar. Əri də, deyəsən, şoferdir, küçədə avtobusla adam daşıyır. Səhər saat dörddən gedir, gecə keçəndə gəlir. Onun da işi ağırdır. Babanın dediyinə görə, qızı hey ağlayıb, üzr istəyib. Təzə mənzil növbəsinə dayanıblar. Nə vaxt alacaqlar, bilinmir. Alanda, əri icazə versə, oğlunu aparacaq yanına. Qocadan xahiş eləyib ki, hələlik gözləsin. Mömün baba ona deyib ki, xiffət eləməsin. Başlıcası odur ki, əriylə dil tapıb dolansın, qalan şeylər yola gedər. Oğlundan da nigaran olmasın. “Nə qədər canım sağdır, oğlanı heç kəsə verməyəcəyəm, ölərəm – Allaha tapşıraram, fərasəti varsa, bir yana çıxar…” Qocanı dinləyən Bekey xala və nənə hərdən köks ötürür, hətta doluxsunub ağlamsınırdılar da.

Bəli, elə o vaxt, çay süfrəsi arxasındaca onlar oğlanın atasından da söz saldılar. Baba eşidib ki, guya onun keçmiş kürəkəni, oğlanın atası, hansısa bir gəmidə matros işləyir və onun da yeni ailəsi, iki, ya üç uşağı var. Evləri liman körpüsünün yanındadır. Deyilənə görə, içkini atıb. Təzə arvadı isə hər dəfə uşaqları da götürüb onun pişvazına körpüyə çıxır. “Belə çıxır ki, – oğlan fikirləşdi, – onlar ağ gəmini, onun gəmisini qarşılayırlar”.

Gəmi isə üzür, yavaş-yavaş uzaqlaşırdı. Bəyaz, uzun gəmi, borularını tüstülədə-tüstülədə gölün hamar, mavi səthi ilə şütüyürdü, özü də balıq-oğlana dönmüş oğlanın ona sarı üzdüyündən xəbərsizdi.








O elə balığa dönmək istəyirdi ki, bədəni də, quyruğu da, üzgəcləri də, pulcuqları da balığınkı kimi olsun, təkcə başı, nazik boynu, iri pələ qulaqları, cırmaq-cırmaq olmuş burnu isə özününkü olsun. Gözləri də özününkü qalsın. Əlbəttə, onlar indiki kimi olmaqdan başqa, həmçinin balıq gözü kimi də baxa bilsinlər. Oğlanın kirpikləri buzov kirpikləri kimi uzundu, həm də, nədənsə, daim öz-özünə səyriyirdi. Gülcamal deyirdi ki, qızının kirpikləri onunkulara oxşasaydı, onda lap gözəl olardı! Gözəl niyə olsun? Qız, ya oğlan? Çox vacib imiş! Şəxsən ona gözəl gözlər lazım deyil, ona elə gözlər lazımdır ki, suyun altını da görə bilsin.

O, balığa babanın dəhnəsində dönməliydi. Göz qırpımında dönüb olar balıq. Sonra dərhal dəhnədən çaya, birbaşa qıjovlu axına sıçrayar, üzüaşağı üzüb gedərdi. Üzə-üzə hərdənbir atlanıb ətrafa baxar; axı həmişə suyun altı ilə üzmək cansıxıcı olar. O, qırmızı gilli dərin yarğanı, sualtı qayaları, burunları, dağları, meşələri arxada buraxıb iti axan çayla üzüb gedirdi. O, sevimli daşlarından ayrılırdı: əlvida, “Xıxmış dəvə”, əlvida, “Canavar”, əlvida, “Yəhər”, əlvida, “Tank”, məntəqənin yanından keçəndə o sıçrayıb sudan çıxacaq, üzgəci ilə babasına əl eləyəcək: “Əlvida, baba, tezliklə qayıdaram”. Baba bu möcüzədən çaşıb-qalar, nə edəcəyini bilməzdi. Nənə də, Bekey xala da, Gülcamalla qızı da – hamısının ağzı açıla qalardı. Harada görünüb ki, baş insan başı olsun, bədən balıq! O isə üzgəcini havada yellədir: “Əlvida, mən üzüb gedirəm. İssık-gölə, ağ gəminin yanına. Matros atam oradadır”. Baltek, yəqin, sahilboyu götürüləcək. Axı it heç vaxt belə şey görməyib. Əgər Baltek birdən özünü suya atmaq istəsə, o qışqıracaq: “Olmaz, Baltek, olmaz! Batarsan!” Özü isə üzəcək. Asma körpünün burazları altından keçəcək, sonra dar sahillərin arasından adlayaraq qıjıldayan dərənin içi ilə düz İssık-gölə üzüb gedəcək.

İssık-göl isə əməlli-başlı dənizdir. İssık-gölün sinəsi ilə üzəcək, bu dalğa mənim, o dalğa sənin, nəhayət, gəlib ağ gəmiyə qovuşacaq. “Salam, ağ gəmi, mənəm ey! – o, gəmiyə belə deyəcək. – Həmişə durbinlə sənə baxan mən idim”. Gəmidəki adamlar heyrətlənər, möcüzəyə baxmaq üçün axışıb gələrlər. O zaman o öz matros atasına deyəcək: “Salam, ata, mən sənin oğlunam. Mən üzüb sənin yanına gəlmişəm”. – “Sən haradan mənim oğlum oldun? Sən yarıbalıq-yarıinsansan!” – “Sən məni yanına, gəmiyə qaldır, mən dönüb sənin oğlun olaram”. – “Qəribədir! Yaxşı, gəl görək”. Atası tor atıb, onu sudan çıxaracaq, göyərtəyə qaldıracaq. Orada o dönüb olacaq özü. Sonra isə, sonra…

Sonra ağ gəmi üzüb yoluna davam edəcək. Oğlan atasına bildiklərinin hamısını və başına gələnləri danışacaq. Qoynunda yaşadığı dağlar haqqında, həmin o daşlar barədə, çay və meşə qoruğu barədə, balıq kimi gözüaçıq üzməyi öyrəndiyi baba dəhnəsi haqqında…

Əlbəttə, Mömün babanın yanında günlərinin necə keçdiyi barədə də danışacaq. Qoy atası güman eləməsin ki, əgər ləqəbini Qıvraq Mömün qoyublarsa, deməli, o, pis adam olar. Babanın tayı-bərabəri yoxdur, babaların ən yaxşısıdır. O heç biclik bilmir, buna görə də hamı ona gülür. Orozqul əmi isə hələ bir qoca kişinin üstünə çımxırır da! Hətta adamların yanında da babanın üstünə qışqırdığı olub. Baba isə öz haqqını tələb eləmək əvəzinə bunları Orozqula keçir, hətta onun əvəzinə meşədə işləyir, onun təsərrüfat işlərini görür. Hə, orada nə iş var axı? Orozqul əmi sərxoş gələndə, hə, o vicdansızın üzünə tüpürmək əvəzinə baba onun qabağına yüyürür, atdan düşürdür, evə aparıb çarpayıya uzandırır, üşüməsin, başı ağrımasın deyə üstünü kürklə örtür, atın isə yəhərini alır, qaşovlayır və yem verir. Bunun hamısını ona görə eləyir ki, Bekey xala sonsuzdur. Niyə belə eləyir, ata? Belə yaxşı olmaz – doğmaq istəyirsən, doğ, istəmirsən, lazım deyil. Orozqul əmi Bekey xalanı döyəndə babanın yazığı gəlir. Babanın özünü döysə, ondan yaxşı olardı. Bekey xala qışqıranda o elə əzab çəkir, elə əzab çəkir ki. Əlindən nə gəlir? Qızına kömək etmək istəyəndə nənə qoymur: “Sən qarışma, – deyir, – özləri ayırd edərlər. Qoca kişisən, sənin nə işin var? Sənin arvadın ha deyil, qaxıl otur yerində”. – “Axı qız mənimkidir!” Nənə isə: “Uzaqda yaşasan, qonşu olmasaydın, eviniz yan-yana olmasaydı, nə edərdin? Hər dəfə onları aralaşdırmaq üçün oradan bura at qovacaqdın? Bundan sonra sənin qızını kim evində saxlayardı!”

Nənə deyirəm ha, o sən görən nənə deyil. Ata, yəqin, heç sən onu tanımırsan da. Başqa nənədir. Mən balaca olanda doğma nənəm öldü. Sonra bu nənə gəldi. Bizdə havadan baş çıxarmaq olmur axı – gah aydın, gah da dumanlı olur, gah yağış yağır, gah da dolu. Nənə də belədir, dəymədüşərdi, baş açmaq olmur. Gah mehribandır, gah qəzəbli, gah da heç nə ondandır, nə bundan. Hirslənəndə bizi cana gətirir. Babamla mən susuruq. Qarı deyir ki, yadı nə qədər yedirt, içirt, ondan xeyir görməzsən. Ata, mən axı yad deyiləm. Mən həmişə babamla bir yerdə olmuşam. O özü yaddır, sonradan bizim yanımıza gəlib. Üstəlik, hələ məni yad adlandırır.

Qışda qar boğazımadək çıxır. Bilirsən, yolları necə qar bağlayır! Meşəyə ancaq boz at Alabaşın belində getmək olar, o, qar qalaqlarını döşüylə yarır. Güclü də küləklər əsir, ayaq üstə durmaq olmur. Göldə dalğa qalxanda, sənin gəmin ləngər vuranda onda bil ki, gölü bizim San-Taş küləyimiz yırğalayır. Babam danışır ki, çox zamanlar bundan əvvəl düşmənlər bu torpağı tutmaq istəyib. Onda bizim San-Taşdan elə külək əsib ki, düşmənlər yəhərdə tab gətirə bilməyiblər. Atdan eniblər, piyada da getmək mümkün olmayıb. Külək üzlərini qançır eləyib. Dönüblər, daldalı gediblər, külək arxadan çırpıb, yan-yörələrinə baxa bilməyiblər, dayana bilməyiblər, külək hamısını İssık-gölə töküb, bir nəfər də qalmayıb. Bax belə olub. Biz bax belə bir küləkli yerdə yaşayırıq! O biz tərəfdən əsməyə başlayır.

Bütün qışı çayın o tayındakı meşədə külək vıyıldayır, uğuldayır, inildəyir. Çox dəhşətli olur.

Qışda meşədə iş o qədər də çox olmur. Qışda bizim tərəflərdə adam yaşamır, yayda köçlər daşınanda hara, onda hara. Yayda böyük otlaqda sürülərin, ilxıların gecələməsini çox xoşlayıram. Doğrudur, obaşdan yola düşüb dağlara sarı üz tuturlar. Lakin onlar gələndə çox yaxşı olur… Onların uşaqları və arvadları yük maşınlarında gəlirlər. Yük maşınlarında dəyələr və başqa şeylər də daşıyırlar. Bir az yır-yığış edəndən sonra babamla gedirik görüşməyə, hamısı ilə əl tuturuq. Mən də əl verirəm. Babam deyir ki, yaşca kiçik həmişə birinci olaraq əl uzatmalıdır. Kim əl vermirsə, o, adamlara hörmət eləmir. Sonra babam deyir ki, yeddi adamdan biri peyğəmbər ola bilər. O çox nəcib, ağıllı adam olur. Kim ona əl verib görüşürsə, bütün ömrü boyu xoşbəxt yaşayır, mən də deyirəm: “Elə isə niyə o peyğəmbər peyğəmbərliyini bildirmir ki, hamımız əl verib onunla görüşək”. Babam gülür: “İş də burasındadır, – deyir, – peyğəmbər özü də bilmir ki, o, peyğəmbərdir – o, adi bir adamdır. Yalnız quldur bilir ki, o, quldurdur”. Bunlardan baş açmıram, utansam da, həmişə adamlarla salamlaşıram.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/chingiz-aytmatov/ag-g-mi-68289808/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



Çingiz Aytmatov əfsanələri real həyatla, yaşadığı zamanla əlaqələndirdiyi bu əsərində birinci sinfə getməyə hazırlaşan balaca oğlanın arzularından, qurduğu xəyal dünyasından bəhs edir.

Как скачать книгу - "Ağ gəmi" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Ağ gəmi" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Ağ gəmi", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Ağ gəmi»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Ağ gəmi" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги серии

Книги автора

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *