Книга - Atlantidanın son sakini

a
A

Atlantidanın son sakini
Aleksandr Belyayev


Dünya ədəbiyyatından seçmələr
Varlı biri olan mister Solli müəmmalı şəkildə yoxa çıxan nəhəng və əfsanəvi torpağı – Atlantidanı tapmaq həvəsinə düşür. Beləcə, heyrətamiz hadisələr başlayır…





Aleksandr Belyayev

Atlantidanın son sakini





Atlantida necə kəşf olundu





1. Sualtı ekspedisiya


– Bax bu, yaxşı fikirdir!

Mister Solli əlindəki kitabı bir kənara qoyub yenidən dedi:

– Hətta çox yaxşı fikirdir! – və sonra dərin düşüncələrə qərq oldu…

Mister Solli II Dünya müharibəsi zamanı silah-sursat təchizatından yaxşıca pul qazanmış uğurlu Nyu-York fabrikantı[1 - Fabrikant – fabrik sahibi olan fabrikçi] və brokeri[2 - Broker – alıcı və satıcı arasında əlaqə yaradan şəxs] idi. Belə adamlar üçün müharibə göydəndüşmədir. Necə də olsa, döyüş meydanlarında cəsədlərin sayı çoxaldıqca onların da gəlirləri artır. Elə mister Sollinin də müharibənin sonuna yaxın artıq bir neçə milyard dollarlıq qazancı vardı.

Di gəl ki ona bədbəxtlik üz verdi. Öz maddi qüdrətinin pik nöqtəsinə çatdığı bir vaxtda dəbdəbəli naharlar, tünd şərablar, axır ki, hər şeyi korladı: mister Sollinin beyin damarları sıradan çıxdı və o heç gözləmədiyi anda insultdan yatağa düşdü. Bir ayağı və bir əli keyidi. Ancaq xoşbəxtlikdən beyin silkələnməsi yüngül idi; mister Solli ciddi şəkildə müalicə olunduqdan bir neçə ay sonra ayağa qalxdı. Deyəsən, iflic ötüşmüşdü. Bununla belə, mister Solliyə həkim bir daha kommersiya fəaliyyəti ilə məşğul olmağı qəti şəkildə yasaqladı.

– Bəsdir işlədiniz, – həkim dedi. – Əgər səhhətinizin qayğısına qalmaq istəyirsinizsə, həyat tərzinizi tamamilə dəyişməlisiniz. Səyahətə çıxın, kolleksiya toplamaqla, nə bilim, xeyriyyəçiliklə məşğul olun… Bir sözlə, vaxtınızı xoş keçirmək və əylənmək üçün nə istəyirsiniz edin, yetər ki zehni əməkdən, əsəbdən, gərginlikdən uzaq durun. Yoxsa mən sizin həyatınıza cavabdeh deyiləm.

Belə kəskin xəbərdarlıqdan sonra mister Sollinin qarşısında çətin bir sual dayanırdı: ömrünün qalan hissəsini necə yaşasın ki, bir daha ölüm təhlükəsi ilə üz-üzə qalmasın, üstəlik, bitib-tükənməz var-dövlətini nəyə xərcləsin?

Məsələ burasındadır ki, mister Solli tək yaşayırdı, bu da vəziyyəti lap qəlizləşdirirdi. Özündən başqa, qayğısına qalacağı kimsə yox idi.

Bəlkə, Ruzvelt kimi Afrikaya gedib şir ovuna çıxsın?

Həyəcanı olduqca yüksək bu məşğuliyyət mister Solli üçün qətiyyən cəlbedici deyildi.

Xeyriyyəçiliklə məşğul olmaq? Bu haqda ötəri düşünmək belə kifayət idi ki, mister Sollinin yanaqlarından yağ daman qırmızı sifətində iyrənc bir ifadə yaransın. Onun fikrincə, bu çox bayağı, mənasız bir iş idi. Universitet üçün yüz min dollarlıq qəbz yazıb, sonra da bundan xəbər düzəldən qəzetlərdəki şəklinə baxıb məmnun qalmaq – boş və darıxdırıcı məşğuliyyətdir.

Bir ara mister Solli kolleksiya yığmaq fikrinə düşdü; hətta qədim italyan ustalarının rəsmlərini almağa belə başladı. Lakin satışda Leonardo da Vinçinin, yaxud Rafaelin əsərlərini tapmaq elə də asan deyildi. Belə əsərlərin çoxunun əsli artıq satılıb qurtarmışdı. Nə vaxt ki Korrecionun[3 - Korrecio – Antonio da Korrecio (1489-1534); Renessans (İntibah)dövrünün məşhur İtaliya rəssamı] bir ətək pul verib aldığı orijinal əsəri axırda saxta çıxdı, bu rüsvayçılıq mister Sollidə incəsənətə əməlli-başlı nifrət yaratdı.

Bundan sonra o, Avstraliya bumeranqlarının, ardınca da Çin zınqırovlarının kolleksiyasını toplamaqla məşğul oldu. Dünyanın hər yerindən toplanıb gətirilmiş canlı birələrin üç yüz əlli növündən ibarət xeyli maraqlı kolleksiya isə mister Sollinin qəlbini bir müddət ovuda bildi. Tezliklə başa düşdü ki, bu iş də onun ürəyincə deyil. Mister Solliyə adını, bəlkə də, tarixin səhifələrinə yazacaq möhtəşəm bir tapıntı lazım idi!

Bəli, misilsiz var-dövlətin və onun insanda yaratdığı heyrətamiz gücün ləzzətini indiyəcən bəs deyincə dadmış mister Solli artıq şöhrət və əbədiyyət həvəsində idi. Bəs onu necə qazanmalı? Axı bu, birja səhmlərini almaq qədər asan deyildi.








Mister Solli ona şöhrət və əbədiyyət bəxş edəcək məşğuliyyət tapmaq ümidindən əl üzməyə başlamışdı ki, adi bir hadisə köməyinə çatdı.

Necə olmuşdusa, mister Sollinin şəxsi katibi yazı stolunun üzərində boz və mavi zolaqlı cildi olan ala-bəzək bir kitab qoyub getmişdi. Kitabın üz qabığında beləcə də yazılmışdı: “Roje Devin. Yoxa çıxmış materik. Atlantida – dünyanın altıncı hissəsi”.

Varlı fabrikant onun üçün çox cansıxıcı olsa da, kitabı gözdən keçirməyə başladı; çox keçmədi ki, diqqətini bir neçə cümlə cəlb etdi.

Müəllif yazırdı: “Avropa, Afrika və Amerikanın ən qədim xalqlarının ümumi əcdadlarının basdırıldığı müqəddəs torpağı tapmaq üçün Atlantik okeanını tədqiq etmək məqsədilə bütün millətlərin nümayəndələrinin təmsil olunduğu ekspedisiya təşkil etmək lazımdır”.

Mister Solli başını kitabdan qaldırıb sevinclə səsləndi: “Atlantidanı tapmaq üçün sualtı ekspedisiya… Bax bu, yaxşı fikirdir! Hətta çox yaxşı fikirdir!”

Mister Solli siqarını damağına qoyub dərin xəyallara qərq oldu. O özünü nə vaxtsa şöhrətin zirvəsinə ucalmış biri kimi təsəvvür etməyə başlamışdı. Axı yoxa çıxmış naməlum materiki məhz o – mister Henri Solli kəşf edəcək, bundan sonra isə hamı ondan “yeni Kolumb” kimi bəhs etməyə başlayacaqdı. Birləşmiş Ştatların bayrağını Atlantidaya sancmaqdan böyük xoşbəxtlik?! Adını tarix səhifələrinə həkk etmək üçün bu, artıqlaması ilə bəsdir. Hələ okeanın dibindən tapılacaq nadir əşyalara nə deməli? Yəqin ki, həmin əşyalar arasında saxta heç nə olmayacaq, deməli, onu ikinci rüsvayçılıq gözləmir. Bu əşyalardan ibarət kolleksiyaların qiymətindən isə danışmağa dəyməz. “Bir sözlə, həm ziyarət, həm ticarət. – Həkimin xəbərdarlığına baxmayaraq hələ də hər işdə kommersiya hesabı aparan və hər şeyə biznes gözü ilə baxmağa adət etmiş mister Solli düşündü. – Əlbəttə, bir də şöhrət, şöhrət…”

Hə, bu barədə əməlli-başlı düşünməyə dəyər. Ancaq məsələni kökündən öyrənmək lazımdır. Mister Solli kitabın sonuna göz atdı: “Smitson İnstitutundakı kitab kolleksiyalarından biri 50 min cilddən ibarətdir…”

“Bu lap ağ oldu! – mister Solli bu qədər kitabın üst-üstə qalaqlandığı təqdirdə nə boyda ola biləcəyini təsəvvürünə gətirib üz-gözünü turşutdu. – Bəs alimlər nəyə gərəkdir? Biz onlara lazım olan hissələri seçməkdə kömək edərik. Hələlik isə görək Roje Devin bu haqda başqa nə yazır…”

Mister Solli həkimin yemək və yuxu saatları ilə bağlı ona təyin etdiyi ciddi rejimi unudub düz gecəyarısına qədər kitab oxumaqla məşğul oldu. Səhər şəxsi katibi mister Karter gələndə varlı müdirini kefi kök gördü, onun dediklərini eşidəndə isə heyrətə gəldi.

– Karter! Biz Atlantidanı axtarmaq üçün sualtı ekspedisiyaya yollanırıq!

Karterin gözləri geniş açılmış, necə deyərlər, bərələ qalmışdı. Birdən baxışları dünən masanın üstündə unudub getdiyi kitaba sataşdı və o an hər şeyi anladı.

“Yaxşı olardı ki, o elə öz birələrini tutaydı”, – Karter düşündü. Bu sualtı ekspedisiya fikri heç də onun ürəyincə deyildi, çünki təzəlikcə nişanlanmışdı.

Ancaq hisslərini büruzə vermədən, həmişəki nəvazişlə:

– Sizin qulluğunuzdayam, ser! – dedi.




2. Atlantida və Meri


Ekspedisiyaya qızğın hazırlıq gedirdi. Mister Sollini tanımaq mümkün deyildi: onun yorğunluğu və süstlüyü birdən-birə qeybə çəkilmişdi. Səhərdən axşama qədər alimlərlə, mühəndislərlə, dənizçilərlə məsləhətləşir, bütün xırdalıqlara varırdı. Onun təşkilatçılıq təcrübəsini inkar etmək olmazdı, indi bu daha aydın görünürdü.

Mühəndislər cürbəcür sualtı gəmi eskizləri hazırlayırdılar. Deyəsən, Jül Vernin məşhur qəhrəmanı – kapitan Nemonun “Nautilus” adlı gəmisi ilə Atlantidanı kəşf etmək üçün qurduğu xəyalların gerçəkləşməsinə çox qalmamışdı. Solli nəhəng sualtı gəmi inşa etmək fikrini əhəmiyyətsiz sayırdı.

– Belə bir gəmi bizə yalnız axırda, Atlantida tapılanda lazım ola bilər, – varlı fabrikant deyirdi, – üstəlik, böyük submarinlər heç mənim cibimə görə də deyil. Bizə suyun altı ilə üzərək ilkin axtarışları aparmağa imkan verən kiçik gəmilər kifayət edər!

Nəhayət, mühəndislərin kiçik sualtı qayıqlarla bağlı eskizlərindən biri bəyənildi. Dərhal da qayıqların inşasına başlandı.

Bu sualtı qayıqlarda qalın şüşədən pəncərələr düzəltmək və elə qayıqların içindəncə okeanın dibində müşahidə aparmağı asanlaşdırmağa kömək edəcək güclü projektorlar quraşdırmaq nəzərdə tutulurdu. Korpusun aşağısında deşiklər yerləşdirilməliydi. Bu deşiklər vasitəsilə xüsusi zondlar okeanın dibinə enəcək və torpağı tədqiq edə biləcəkdi. Bundan başqa, məxsusi lüklər dalğıcların suya atılmasına və geri qayıda bilməsinə imkan verəcəkdi. Hətta qayıqlara bir-biri ilə daimi əlaqə saxlamaq üçün sualtı aləmdə rahatca işləyə bilən radioqəbuledicilər quraşdırılacaqdı. Plan belə idi ki, beş ədəd bu cür submarin düzəldilsin. Xərclər getdikcə artır, ancaq bu, mister Sollini qətiyyən narahat etmirdi. Onun planına görə, sualtı qayıqlar iki ilə hazır olmalı idi, bu müddət ərzindəki xərcləri isə onun bank hesablarındakı pullarına gələn faizlər artıqlaması ilə ödəyirdi. İlk qayığın inşası uzağı il yarım sonra başa çatacaqdı; belə olduğu təqdirdə digər submarinləri düzəltməyə ehtiyac qalmaya da bilərdi.

Hazırlıq işlərinin sürətlə davam etdiyi vaxtda ortaya bir “əmma” çıxdı. Məsələ o qədər ciddi idi ki, hətta sualtı qayığın inşası da yarımçıq qala bilərdi. Söhbət Karterin nişanlısı sarışın Meri Rivsdən gedir – mister Sollinin katibi nişanlısına müdirinin Atlantida həvəsindən daha çox bağlı idi və ondan uzun müddət uzaq düşmək fikrində deyildi. Bir sözlə, Meri Atlantidanın rəqibinə çevrilmişdi; indi Karter onların arasında seçim etməli idi: nişanlısının yanında qalsın, yoxsa Atlantidanın kəşfinə yollansın?

Düzü, mister Sollinin şəxsi katibi müdirinin niyyətini əvvəlcə ciddi qəbul etməmiş, ötəri həvəs saymışdı. Ancaq belə məlum olurdu ki, varlı fabrikant zarafat-zad eləmirmiş, fikrində çox ciddi və qəti imiş. Bu isə Karteri Meridən uzun müddət, hətta, bəlkə, sonsuzadək ayrı sala bilərdi.

Karter qərara aldı ki, mister Sollini fikrindən daşındırmaq üçün bəzi yollara əl atsın. Əvvəlcə həkimə yalvardı ki, Sollini belə bir səfərdən əl çəkməyə məcbur etsin, onu inandırsın ki, bu onun sağlamlığı üçün ölümcül həddə təhlükəli ola bilər. Bu plan işə yaramadıqda isə Karter Atlantidanın mövcudluğuna inanmayan professorları axtarıb-tapmağa başladı, onlardan xahiş etdi ki, qoca Sollini dilə tutub fikrindən daşındırsınlar. Hətta mətbuatı da ayağa qaldırmışdı. Elm adamları Sollinin xəyalpərvərliyinə az qala şaqqanaq çəkib gülürdülər, qəzet səhifələri isə bu xəyalpərvərin karikaturaları ilə dolu idi.

Di gəl ki mister Solli inadından dönmürdü ki, dönmürdü.

Bu azmış kimi, Karterə başqa bədbəxtlik üz verdi: Solli professor Larisonun timsalında belə bir ekspedisiyanın qızğın tərəfdarını tapdı. Artıq bundan sonra çətin ki varlı fabrikant öz xülyasından əl çəkəydi…

Qoca Larisonun kürəşəkilli tüksüz başı və qıyıq, şən gözləri vardı. Tezliklə o, mister Sollinin yanına köçdü, bu da azmış kimi, nə vaxtsa okean sularına qərq olmuş Atlantida və bu materikin qiymətli sərvətləri haqqında söylədiyi coşqulu çıxışlarla varlı fabrikantın ekspedisiya eşqini daha da alovlandırdı.

Karter artıq ekspedisiyanın ləğv ediləcəyinə olan-qalan ümidini də itirmişdi. Odur ki günlərin bir günü səhər işə gəldikdə mister Solliyə ilk sözü onun yanından getmək istəyi ilə bağlı oldu.

– Necə? Mən düz başa düşdüm: siz belə bir vaxtda məni tərk edirsiniz? – mister Solli məyus halda soruşdu. – Səbəbini öyrənə bilərəm?

Karter hiss etdi ki, zəngin müdirinin təəssüfü olduqca səmimidir, o, doğrudan da, şəxsi katibinin işdən ayrılmasını istəmir. Belədə Karter kiçik tərəddüddən sonra həqiqəti söyləmək qərarına gəldi:

– Ser, məsələ belədir ki, mən tezliklə nikah bağlamaq istəyirəm. Bu halda isə, yəqin, siz də razılaşarsınız ki, bəlkə də, bir neçə il çəkə biləcək ekspedisiyaya yollanmaq heç də doğru fikir deyil.

Mister Solli başını aşağı salıb bir müddət susdu. Sonra qəfil kreslodan sıçradı və əllərini yelləyib qışqırdı:

– Siz bu işi niyə yubadırsınız axı? Dərhal evlənin və xanımınızı da özünüzlə aparın!

“Özümlə? – bu, Karterin ağlına da gəlməmişdi. – Görəsən, Meri razı olacaqmı? Birdən razı olmasa, onda necə?”

O bu düşüncələr içində nişanlısı ilə görüşə getdi və mister Sollinin təklifi haqqında danışdı.

Merinin ekspedisiyada iştirak etməyə razılaşması, özü də həvəslə razılaşması Karter üçün gözlənilməz oldu.

Beləliklə, Atlantidanın kəşfi yolunda artıq Meri təhlükəsi qalmamışdı.




3. Atlantidanın sorağında


Ekspedisiyaya hazırlıq sona çatdı və Atlantidanın axtarışına başlandı.

Artıq dörd il idi ki, submarinlər Atlantik okeanının dərinliklərində, Afrikanın şimal-qərb sahilləri ilə Şimali və Cənubi Amerikanın şərq sahilləri arasında dolaşırdı. Lakin Atlantidanın izlərinə rast gəlinmirdi. Dalğıc dəstələri dənizin dibini yüz metrlərlə dərinlikdə zondlar vasitəsilə tədqiq edir, ancaq hər yerdə yalnız suyun təzyiqi nəticəsində kristallaşmış vulkan tufu[4 - Tuf – vulkanik dağ süxuru], qranit və gilli şistlərlə qarşılaşırdılar.

Ekspedisiya üzvləri əməlli-başlı yorulmuşdular. Hətta Merinin axtarışlara marağı və həvəsi də azalmışdı. Əri isə, ümumiyyətlə, acıqlı idi: o bu mənasız səfərə görə hamını və hər şeyi lənətləyirdi: qoca Larisonu da, mister Sollini də, elə Atlantidanı da!

Ekspedisiya üzvlərini axtarışlardan əl çəkməməyə sövq edən bircə şey vardı, o da aldıqları yüksək maaş idi.

Mister Solliyə gəlincə, artıq varlı fabrikant da axtarışların uğurla başa çatacağından şübhələnməyə başlamışdı, üstəlik, ekspedisiyanın xərcləri artırdı, indi əvvəlki var-dövləti də xeyli azalmışdı.

Sualtı ekspedisiyanın Atlantidanın axtarışına çıxması əvvəlcə böyük maraq doğurdu; bir müddət qəzetlər ancaq bu mövzuda yazırdı. Elm adamları arasında qızğın mübahisələr başlamışdı. Üstəlik, Atlantida kəşf edilərsə, üzə çıxacaq var-dövlət indidən çoxlarının gözünü qamaşdırırdı. Hətta mister Solli ilə əməkdaşlıq etmək üçün səhmdar cəmiyyətin yaradılması fikri ortaya atılmışdı. Ancaq tələsməyə nə ehtiyac vardı? Ekspedisiyanın nəticəsini gözləmək lazım idi. Hələliksə nəticənin müsbət olacağını düşünmək belə gülməli görünürdü. Odur ki qəzet və jurnallarda bu haqda getdikcə daha az yazır, əsasən isə onu ələ salırdılar. Mətbuat Atlantida haqqında mifin mister Solliyə neçəyə başa gəldiyini hesablamağa başlamışdı. Bir müddət sonra isə onlar bu mövzunu, ümumiyyətlə, unutdu.

Ekspedisiyanın gedişi mister Solli üçün acınacaqlı sonluqdan xəbər verirdi. Artıq danışırdılar ki, bu cür davam etsə, o, tamamilə iflas edəcək, ona görə də yaxşısı budur, nə qədər gec deyil, okean sularının dibində materik axtarmaqdan əl çəksin.

Mister Solli qaradinməz və əsəbi olmuşdu.

Bircə Larison ruhdan düşmürdü:

– Düzdür, ekspedisiyamız hələ ki heç bir uğur qazanmayıb, amma bu hər şeyin sonu demək deyil. Sadəcə biz axtarışlarda səhvə yol vermişik, hansı ki həmin səhvi düzəltmək asandır. Məsələ bundadır ki, biz indiyəcən yalnız Atlantidanın vulkanik dağ zirvələrini axtarmışıq. Xatırlayın: bu yüksək dağlar barəsində hələ Platon yazmışdı. Şəhərlər isə həmin dağların ətəklərində yerləşirdi. Deməli, onları axtarmaq üçün okean dibinin, heç olmasa, üç min metr dərinliyinə enmək və torpaq qatında bir neçə dərin, maili lağım atmaq lazımdır. Əminəm ki, onda biz Atlantidanı mütləq tapacağıq. Möhkəm olun, mister Solli! Unutmayın ki, Atlantida sizin yolunuzu on min illərdi gözləyir. Doğrudanmı, indi – məqsədinizə, deməli, həm də şöhrətin ən yüksək zirvəsinə bu qədər yaxınlaşmışkən hər şeyi atıb geri qayıtmaq fikrindəsiniz?

Hiyləgər Larison Sollinin zəif damarını çoxdan tutmuşdu: şöhrət!

– Şöhrət? O neçəyədir? Daha doğrusu, bundan sonra neçəyə başa gələcək? – mister Solli məyus halda soruşdu.

Hesablama başlandı; Larisonun dediyi kimi, üç min metrlikdə axtarışlar hədsiz baha başa gəlirdi. Ancaq sonda inadkarlığı və riskə getmək vərdişi Sollini ekspedisiyanı yarıda saxlamaq niyyətindən daşındırdı.

Axtarışlar qaldığı yerdən davam etdirildi. Gərgin iş üç ay sürdü. Bu müddətdə bir neçə fəhlə həlak oldu. Onların yerinə yeni işçilər tapmaq mümkün olmasa da, Larison ruhdan düşmürdü. O, okean dibindəki qazıntılara böyük həvəslə rəhbərlik edir, mister Solli isə vaxtının çox hissəsini axtarışların aparıldığı yerin yaxınlığında tikilmiş üzən dokda[5 - Dok – gəmi təmir olunan yer] – açıq havada keçirirdi. Fiziki cəhətdən özünü əla hiss edirdi, ancaq daxilən ruh düşkünlüyü artırdı, ümidləri tükənirdi. Üstəlik, hesablayıb görmüşdü ki, əlindəki pul bu gedişlə iki aya bəs edə, ya etməyə. Sonrası məlumdur: iflasa uğrayacaq, bu da azmış kimi, qoca xəyalpərəst kimi rüsvay olacaqdı.

Axşamayaxın Larison okeanın dibindən onun yanına qalxdı. Həmişəki kimi, özü yorğun olsa da, səsi şən və gümrah idi. Mister Solli pulla bağlı kədərli xəbəri ona söyləyəndə qoca Larison ekspedisiya başlayandan bəri ilk dəfə özünü belə məyus hiss edirdi. O heç vaxt ağlına gətirməzdi ki, bu qədər varlı bir fabrikantın cibi də nə vaxtsa boşala bilər.

– Bu, mümkün deyil!

– Necə yəni mümkün deyil? Buyurun, hesablamanın nəticəsinə baxın.

– Biz işimizi ən maraqlı yerində dayandıra bilmərik. Biz artıq yumşaq tufa çatmışıq. İndən sonra işləmək asanlaşıb. Mən elə bu gün dam kirəmitinin bir parçasına oxşayan əşya tapmışam. Pul çatmır? Tapmaq lazımdır!

– Haradan tapaq?

Larison sanki “bu artıq sizin işinizdir” deyərcəsinə dodaqlarını büzüb çiyinlərini çəkdi və otağına getdi. Həmin axşam xeyli nəsə yazıb-pozdu, bəzi göstərişlər verdi.

Səhər oyanıb əlüstü qəlyanaltı etdikdən sonra isə tələsik okeanın dibinə endi.




4. Gözlənilməz kömək


Artıq iki uğursuz ay da arxada qalmaqda idi. İndi mister Solli yalnız bir şeyi hesablayırdı: Atlantidanı tapmaqla bağlı axmaq fikirlərindən əl çəkdikdən sonra öz adi həyatını yaşamaq üçün onun nə qədər pulu qalmışdı? Belə məlum olurdu ki, vur-tut bir neçə yüz min dollar…

Mister Solli fikirli halda siqarını tüstülədib öz yoxsul gələcəyi barədə düşünür, cənub ştatlarının birindəki gözdən uzaq malikanəsinə çəkilib ömrünü tənhalıq içində başa vurmağın hesabını aparırdı.

Birdən onun gözlərinə şimaldan ekspedisiyaya doğru üzən bir neçə gəmi sataşdı. Mister Solli təəccübləndi: “Bunlar haradan çıxdı belə?”

O bilmirdi ki, bu gözlənilməz qonaqlar, əslində, onların köməyinə tələsirlər. Məsələ burasındadır ki, Larison xeyli vaxt idi müxtəlif ölkələrin qəzetlərinə alovlu müraciətlər ünvanlayır, bütün tərəqqipərvər bəşəriyyəti misilsiz bir elmi nailiyyət naminə mister Sollinin sualtı ekspedisiyasına yardım əli uzatmağa çağırırdı. Bu alovlu müraciətlər hamıda dərin təəssürat yaratmışdı. Nəticədə isə budur: çoxsaylı gəmilərdən təşkil olunmuş donanma Atlantidanın axtarışına çıxanların köməyinə gəlmişdi.

Bu dəstəkdən sonra axtarışlar ikiqat sürətlə getməyə başladı. Tezliklə isə Atlantidanın izləri tapıldı: qara, ağ və qırmızı daşlardan tikilmiş hörgü sukeçirməz layda yaxşı vəziyyətdə qalmışdı. Bu barədə xəbər tezliklə qəzetlərin qulağına çatdı və bütün dünyada böyük səs-küy doğurdu. Axtarışlara qoşulan, bununla da sanki Atlantidanın tapılacağı təqdirdə onun sahibi olduğu sərvətlərdən pay uman ölkələrin siyahısı günbəgün genişlənirdi.

Hər ay bir-birindən sevindirici xəbərlər gəlirdi. Bu xəbərlərdən sonra mister Sollinin də kefi kökəlmiş, üzü gülməyə başlamışdı. Artıq Atlantidanın qalıqları üzə çıxmışdı: okeanın dibində gah aralarından balıqların üzgəclərini yüngülcə tərpədib keçdiyi yarıdağılmış cərgə-cərgə sütunlar, gah dağılmış evlərin divarları, gah da hansısa məbədin yana əyilmiş eyvanı görünürdü.

Ekspedisiyanın beşinci ilində isə Poseydon məbədinin xarabalıqları, xarabalıqlar arasında da cilalanmış tunc lövhələrdən ibarət nəhəng kitabxana tapıldı. Lövhələrin üzərinə həkk olunmuş yazıları oxumaq olurdu. Bu işi bir rus dilçi alimi üzərinə götürdü.

Beləliklə, Atlantida yavaş-yavaş öz sirlərini açmağa başlamışdı: məbədlər, piramidalar, heykəllər, evlər, tunc silahlar, avadanlıqlar və atlantların saysız-hesabsız “tunc kitabələri” bircə-bircə aşkara çıxırdı.

Atlantidanın kəşfinin qısa tarixi belədir. Bundan sonra isə biz Atlantidanın öz tarixi haqqında danışacağıq. Bu tarixi yorulmaq bilməyən qoca Larison yazıb. Larison ilhamlı bir adam idi, odur ki onun mətni elmi əsərdən çox, romana bənzəyir. Ancaq tarixi məlumatlara əsaslanan romana!

Təəssüf ki, Larison gözlənilmədən vəfat etdi, onun əsərinin əlyazması isə itmiş sayıldı. Əlyazma bu yaxınlarda alimin evinin çardağındakı şey-şüylərin arasından tapılıb.

Biz indi onu sizin ixtiyarınıza verərkən Larisonun qeydlərini də olduğu kimi saxlamışıq.

Həmin əlyazma budur.









Atlantidanın son sakini




Ön söz



Mən özüm üçün yazıram.

Atlantidanın öyrənilməsinə uzun illər sərf etmişəm. Ona yaxından bələd olmuş, okeanın dibində Atlantidanın xarabalıqları arasında xeyli dolaşmışam. Orada, gözlərim önündə bu materikin keçmiş qüdrətinin və dəhşətli aqibətinin mənzərələri canlanıb. Okeanın dibində və Yerin səthində müxtəlif ölkələrdə tapılmış sənədlərə əsasən mən Atlantida xalqının, hətta onun ayrı-ayrı önəmli şəxslərinin taleyi ilə tanış olmuşam. Sonda isə qəlbimdə bütün bunları yazmaq kimi qarşısıalınmaz istək yarandı. Bu əlyazmanın çap olunmasını istəməzdim.

Onu da deməliyəm ki, Atlantida haqqında yazdığım əsər roman üçün həddindən çox elmi, elm üçünsə həddindən artıq bədiidir. Ancaq mən onu yazmaya bilməzdim, çünki okeanın dibində şahidi olduqlarım məni qarabasma kimi təqib edir. Bəlkə, indi onları qələmə almaqla elmi işlərimi də daha rahat davam etdirmək imkanı qazanacağam.

    Professor Larison




I. Atlantida


Günəş qərbə doğru əyilirdi. Axşam sahildən əsən külək çiçəkləmiş portağal ağaclarının, maqnoliyaların[6 - Maqnoliya – iri, gözəl və ətirli çiçəkləri olan həmişəyaşıl ağac və kol] və dağ otlarının ətrini gəmiyə doldururdu.

Beşmərtəbəli gəminin yuxarı göyərtəsinə çıxmış sərnişinlər qarşılarında açılan möhtəşəm mənzərəyə heyranlıqla tamaşa edirdilər.

Onların gözü önündə qızmar günəşin şüalarında çimən nəhəng Atlantida sahilləri qollarını geniş açaraq dayanmışdı.

Sahilin lap yaxınlığında məşhur və möcüzəvi Poseydon mayakı[7 - Adların əksəriyyətini mən atlantların dilindən götürmüşəm. Bəzi adları (Poseydonis, Atlantida və s.) Platonun zamanında müəyyən edilmiş yazı qaydalarına uyğun saxlamışam. Bu, müasirlərimə daha yaxşı tanışdır. – Larison.] ucalırdı. O, konus formasında idi, kəsik zirvəsi sanki göy qübbəsinə dirənmişdi. Üzərinə füsunkar naxışlar çəkilmiş mayak qırmızı, qara və ağ rəngli nəhəng daş kublardan düzəldilmişdi. Onun ətrafı ilə altı arabanın rahatlıqla yan-yana gedə biləcəyi spiralşəkilli geniş yol burulurdu.

Bu dolama yolla gecə-gündüz arabalar hərəkət edir, bəziləri mayakın zirvəsinə qatranlı ağaclar, bəziləri isə geriyə kül və kömür daşıyırdı. Mayakın yuxarısındakı dairəvi meydançada bütöv bir şəhərcik yerləşə bilərdi. Burada çox böyük odun ehtiyatı, kül və kömür üçün çalalar, ocaq qalamaq üçün şəbəkələr vardı. Kükürd və neft qarışmış qatranlı ağac elə parlaq yanırdı ki, onu heç tufan da söndürə bilməzdi. Leysandan qorunmaq məqsədilə köşk düzəldilmişdi. Cilalanmış əyri, tunc güzgülərin yaratdığı bütöv bir sistem güclü kondensatorlar kimi işığı özündə toplayır, daha sonra isə onun şüalarını okeanın on millərlə uzaqlığına əks etdirirdi.

Mayakın düz yanında yamyaşıl bağlarla əhatələnmiş liman yerləşirdi. Bağların arasında qara, qırmızı və ağ rəngli daşlardan tikilmiş kubşəkilli evlər görünürdü. Sonra torpaq get-gedə yüksəlib dağ silsiləsinə çevrilirdi.

Dağın ətəyində dünyanın və Atlantidanın paytaxtı sayılan Poseydonisin mərkəzi binasının tunc üzlüyü günəş şüaları altında ərimiş qızıl kimi parlayırdı. Daha yuxarıda isə yarımdairə şəklində ucalan başı qarlı dağlar onu qoruyan gözətçi dəstəsinə bənzəyirdi.

Bütün bu dağ silsilələri boyunca atlantların ən möhtəşəm incəsənət əsərlərindən biri uzanırdı. Atlantidanın qüdrətli heykəltəraşı Adişirna-Quançın yaratdığı Günəş tanrısı sol böyrü üstə uzanmış gənc oğlan şəklində təsvir olunmuşdu. Budlarına tərəf uzanan sağ əlində tutduğu nəhəng buynuzdan şəlalə tökülürdü. Dirsəklənmiş tanrı sol əlinin açıq ovcunu qabağa tutaraq qarşıda yerləşən məbədlərə (Poseydonis məbədi onların düz ortasında idi), böyük piramidalara və obelisklərə[8 - Obelisk – sütun şəklində daş abidə] təbəssümlə baxırdı. Bu tanrı fiquru başdan-ayağa dağ silsiləsindən yonulmuşdu. Heykəlin qatlanmış dirsəyindən ayağına qədər gedib çatmaq üçün iki gün vaxt lazım idi. Bu əzəmətli əsəri ərsəyə gətirmək üçün minlərlə qul gecə-gündüz əziyyət çəkməli olmuşdu.

Heykəlin ovcunda yerləşən nəhəng məbəd və piramidalar qəşəng, balaca oyuncaqlara bənzəyirdi.

Sərnişinlər bu əsrarəngiz mənzərəyə heyrətlərini susmaqla ifadə edərək hədsiz ehtiramla baxırdılar.

– Bəli, Atlantidanın tanrısı, doğrudan da, möhtəşəmdir, – onlardan biri fikirli-fikirli dedi.

Gəmi buxtaya daxil oldu.

Matroslar üzərlərinə rəngbərəng ipəklərlə qanadlı öküz şəkilləri çəkilmiş nəhəng, qırmızı yelkənləri endirdilər. Yelkənlər “Л” şəklində tikilmiş dor ağaclarıyla yağış çətiri kimi aşağı enməyə başladı. Avarçəkənlər bir-birinin ardınca nazik tunc lövhələrdən üzlənmiş ağır avarları buraxırdılar. Yalnız ən aşağı qatdakı avarlar hələ də ahəngdar fleyta sədaları altında suya çırpılmaqda idi.

Nəhayət, gəminin burun hissəsində yerləşən kiçik üçbucaq yelkən də aşağı salındı. O, küləyin təsiriylə zərif kəpənək qanadları kimi titrəyib dayandı.

Gəmi sahillərinə ağ daş döşənmiş geniş kanala daxil oldu.

Kanal bir-birinin arxasınca yerləşən üç limandan keçirdi. Gəmi yaxınlaşanda birinci limandan dəniz keşikçilərinin böyük tunc şeypurları ucadan səsləndi.

İti, dik burunları və “Л” şəkilli gödək dorları olan altı ədəd yastıdibli ticarət barjası[9 - Barja – yalnız yedəkdə hərəkət edə bilən yük gəmisi] gəmiyə yanaşıb onun ətrafında yarımdairə şəklində dayandı. Barjalarda uzun nizəli və gödək qılınclı, cilalanmış tuncdan hazırlanan dəbilqə geyinmiş əsgərlər durmuşdular.

Dəniz gözətçilərinin başçısı gəminin göyərtəsinə çıxdı.

O, ehtiram əlaməti olaraq əlini qabağa uzatdı – azad atlantlar hətta öz hökmdarlarının da qarşısında diz çökmürdülər – və yola davam etməyi xahiş elədi. Avarlar aram-aram suya endi.

Gözlənilmədən bu kanal qurtardı və gəmi batan günəşin işığına bürünmüş Böyük Poseydonis limanına daxil olub, uzunluğu on kilometrə çatan böyük kanalla yoluna davam etdi. Kanalın sahili boyunca evlər, məbədlər, anbarlar, kanaldan ayrılan xırda arxlarla suvarılan qarğıdalı və buğda tarlaları uzanırdı. Yaşıl bağların arasında ağ, qırmızı və qara daşlardan tikilmiş alçaq kubşəkilli evlər görünürdü. Evlərin divarlarına sadə, lakin qəşəng naxışlar vurulmuşdu.

Sol tərəfdə, batan günəşin son şüalarında Dəniz Birjasının yazılarla dolu, hündür obeliskli binası ucalırdı. Onun qarşısında isə müxtəlif qəbilələrin nümayəndələrindən ibarət izdiham vardı. Burada məkrli qılınclarını xəz paltarlarının altında gizlətmiş skandinavları, qırmızı qalpaqlı, üstünə qızıldan naxışlar vurulmuş uzun donlu asiyalıları da görmək olardı, başlarına konusşəkilli taclar qoymuş, dayanmadan həmaillərini cingildədən fil sümüyü satıcılarını – nubiyalıları da.

Nəhayət, gəmi üçüncü, daxili dəniz hövzəsində dayandı. Burada kiçik qayıqlar, qondolalar[10 - Qondola – kayutu olan Venesiya qayığı], felyuqalar[11 - Felyuqa – Qara dənizdə və Aralıq dənizində kiçik yelkən gəmisi] sürətli dəniz böcəkləri kimi aramsız hərəkətdə idi.

Səyyahlar gəmilərdən düşüb günəş diskiylə bəzədilmiş qara qondolalara mindilər.

Qondolalar üç kanalla kəsişən düz bir kanal boyunca sürətlə üzməyə başladı. Qırmızı tunc döşənmiş bu kanalların arasından Poseydonis şəhərinin Müqəddəs Təpəsi yüksəlirdi.

Birinci və ikinci həlqəvi kanalların arasında böyük qışlalar[12 - Qışla – əsgəri hissələri yerləşdirmək üçün böyük bina; qazarma] tikilmişdi. Burada öz sədaqəti və cəsarəti ilə ağır sınaqlardan çıxmış döyüşçülər görmək olardı, onların əksəriyyətini sarışın, uzunsaçlı qallar və qarabəniz bərbərlər[13 - Bərbərlər – və ya barbarlar; vaxtilə Afrikanın şimalında yaşamış, indi isə ərəblərlə qarışmış bir xalq] təşkil edirdi.

Qonaqlar qondolalardan düşüb piyada Müqəddəs Təpəyə qalxmağa başladılar.

Onun zirvəsindən bütün məbədləri dövrəyə alan piramidalar aydın görünürdü. Piramidaları isə saraylar, monastırlar, kilsələr, asma bağlar, astronomik qüllələr və kahinlərin elmi laboratoriyaları əhatələmişdi.

Yolun hər iki tərəfində sivri yarpaqları və dərin kökləri olan əjdaha ağacları bitmişdi. Bu ağacların şirəsi qan kimi qırmızıdır. Palmaların arası ilə fəvvarələr şırıltı ilə axırdı.

Ay çıxmış, onun işığı şəhəri nurlandırmışdı. Hava çiçəklərin ətriylə dolmuşdu.

Arabir qışladan qəfil şeypur səsləri eşidilirdi.

Yolda heykəl kimi hərəkətsiz dayanmış keşikçi döyüşçülərdən başqa, heç kəs yox idi. Onların parlaq silahları ay işığında bərq vururdu. Bunlar “Neptunun əsgərləri” – kahinlərin və hökmdarların oğulları idi. Əsil-nəcabətli olduqları üçün qadağan edilmiş yerlərdə keşik çəkmək şərəfinə layiq görülmüşdülər.

Təpəni qalxdıqca dənizin təravətverici nəfəsi daha yaxşı hiss olunurdu.

Poseydon məbədi tuncla örtülmüş kəsik bir piramidanın üstündə ucaldılmışdı. Uzunluğu bir stadiyə[14 - Stadi – müxtəlif yerlərdə fərqli olan qədim yunan uzunluq ölçüsü. Attika stadisi 177,6 metrə bərabər idi.] çatan bu məbəd başdan-başa gümüşə, qızıla və tunca bürünmüşdü. Məbədin içindəki heykəl və sütunlar fil sümüyü ilə bəzədilmişdi. Yuxarısında isə qanadlı atların qoşulduğu arabasında əzəmətlə dayanmış Günəş tanrısının nəhəng heykəli yüksəlirdi. Heykəlin ətrafında cərgə-cərgə astronomik sütunlar, bir də dəniz pərilərinin tunc və Poseydonun on oğlundan törəyən hökmdarlarla qadınlarının qızıl heykəlləri qoyulmuşdu.

Parıldayan tuncdan üzlənmiş bütün bu tikililər bir qədər qorxunc, lakin öz gözəlliyi ilə eyni zamanda heyrətamiz təəssürat yaradırdı.

Məbədin yaxınlığındakı qayadan iki bulaq axırdı: onların birindən soyuq, digərindən isə isti su çağlayırdı. Həmin bulaqlar üzərində hamamlar ucaldılmış hovuzlara tökülürdü. Hamamların biri yay üçün nəzərdə tutulmuşdu və üstüaçıq idi, digərindən isə qışda yağışlar yağan zaman istifadə edilirdi və üstüörtülü idi.

Bələdçi qonaqları Poseydon məbədinin yaxınlığında, dəfnə ağacları arasında tikilmiş saraylardan birinə apardı. Sütunlar çiçəkli sarmaşıqlara qərq olmuşdu.

Ay qapının tunc üzlüyünü işıqlandırdı; onun üzərində Günəş tanrısının çöhrəsi – dağınıq saçlarını alov sarmış insan başı şəklində təsvir olunmuşdu.

Bələdçi qapını döydü, açdılar.

– Atlantidanın qüdrətli hökmdarı bu sarayı sizin sərəncamınıza verib, – bələdçi əlini Aşur çarına uzadaraq dedi.

Atlantların fəxri qarovulu nizəsini yelləyib salamlaşma əlaməti olaraq qalxanına vurdu, bundan sonra qonaqlar saraya daxil oldular.




II. Sel


– Nə bürkülü gecədir! Bu tunc üzlük gündüz elə qızır ki, gecə də nəfəs almaq olmur. Gərək memarımız Kuntinaşara deyəm ki, mənə Şişen-İtsanın iqamətgahı kimi məsaməli daşlardan iqamət tiksin. Pərdəni aç, Sa!

Şahzadə xanım Selin qoca dayəsinin adı Qu-Şir-Sa idi. Amma Sel uşaqlıqdan ona qısaca “Sa” deyirdi.

Qarı üzərinə gümüşü zanbaqlar tikilmiş bənövşəyi pərdəni kənara çəkdi. Açıq pəncərədən sütunların arasında ayın gümüşü işığına qərq olmuş okean səthinin bir parçası göründü. Otağa dolan sərin külək Selin kəmərinin enli kənarlarını tərpətdi.

Sel fil sümüyündən hazırlanmış stolun yanında dayanmışdı. Stolun üstü yəşəm daşından düzəldilmiş qutular, büllur və qızıldan qayrılmış uzunsov ətir şüşələri, əqiqdən hazırlanmış xırda fincanlar və ənlik-kirşan üçün istifadə olunan adi əqiqlər, bir də kiçik heykəllərlə dolu idi.

Sel əlində cilalanmış tuncdan düzəldilmiş güzgü tutmuşdu. O, qara saçlarını düzəldə-düzəldə güzgüdə özünə tamaşa edirdi.

Qızın üstünə bir tərəfdən hündür tunc çırağın qırmızı alovu, o biri tərəfdən isə ayın sütunların arasından keçən mavi şüaları düşürdü.

Tunc güzgü onun qaraşın dərisinə qızılı çalar verir, güzgüdə əks olunan üzü isə iki tərəfdən işıqlandığı üçün qeyri-adi, qarışıq rəngə çalırdı.

– Sa, mənim saçlarımı səliqəyə sal. Bayrama çoxmu qonaq gəlib? – deyə Sel bəbir dərisiylə örtülmüş alçaq taxta uzandı.

– Elə bir ucdan gəlirlər. İndiyədək düz on altı hökmdar gəlib. Şerkurla, Aqad, Erex, Ur, İşna, Marsam, Atsor çarları – saymaqla qurtarmaz… Quan-Ataqueraqan çox qüdrətlidir, bütün dünyanı fəth edib; məsələn, götürək elə Aşur çarını. Hünəri var ona baş əyməsin…

– Sa, mən bu gecə qəribə bir yuxu gördüm. Gördüm ki, mənim göyərçinimi bir çalağan caynağına alıb aparır. Qışqırmağa başladım, səsim çıxmadı. Birdən havaya bir qartal qalxıb çalağanın üstünə şığıdı. Onlar vuruşmağa başladılar, elə amansızcasına döyüşürdülər ki, lələkləri tökülürdü. Qəfil yuxudan oyandım. Çox heyif!.. Qartalın göyərçini xilas edib-etmədiyini öyrənə bilmədim. Səncə, bu yuxunun mənası nədir? Bəlkə, Elzairdən soruşum. Axı o, yuxuları yaxşı yozur.








– Ehtiyac yoxdur, mən özüm də yozaram. Göyərçin sənsən. Sənə görə aşiqlərin çoxdandır ki bir-birini qırır. Mən eşitmişəm ki, Aşur çarı sənə yenidən elçi göndərəcək.

– O qıvrımsaçlı, uzunsaqqallı adam? Heç vaxt! Mən bu çalağana qoşulub öz gözəl ölkəmi tərk edə, dünyanın o başına gedərəmmi? Mümkün deyil!

– Hökmdarın sözü qanundur. Hər şey heç də bizim istəyimizlə həll olunmur!

– Buna hələ baxarıq. Sənin saç düzəltməyin nə uzun çəkdi?

– Hazırdır. Səhərki bayrama hansı donunu geyinmək istəyirsən?

– Sabaha don yox, zireh, qılınc və nizə lazımdır! – o bunu deyib əliylə elə kəskin bir hərəkət etdi ki, sanki qılıncla havanı kəsirdi.

– Mən sabah öz amazonkalarımla gələcəyəm. Qoy bütün ölkələrin şahinləri və qartalları bilsinlər ki, atlant qızları qılınc-nizə oynatmağı onların döyüşçülərindən heç də pis bacarmır! Bəlkə, bundan sonra amazonkaları özlərinə arvad etmək istəyindən əl çəkələr[15 - Atlant qadınları kişilərlə bərabər müharibədə iştirak edib vuruşurdular. – Larison.].

Sel sözlərinə azacıq pauza verib mövzunu dəyişdi:

– Sa, görəsən, Adişirna-Quanç indi neyləyir? Bayrama qədər Qızıl Bağları salıb qurtara biləcək, ya yox?

– Deyirlər, hər şey hazırdır.

– Mən onun işinə baxmağa gedirəm!

– Nə danışırsan, Sel! – Sa əlini yellədi. – Bilmirsən ki, Qızıl Bağlar salınıb qurtarana qədər atan ora girməyi qəti qadağan edib? Sabah açılış olacaq, onda nə qədər istəsən, baxa bilərsən!

– Mən xəlvətcə gedəcəyəm, açarım var.

– Qızıl Bağlara vurulmuş qıfıllara heç bir açar düşə bilməz.

– Mənimki düşür!

Sa qıza şübhəylə baxdı.

– O səndə haradandır? Yoxsa Adişirna-Quanç özü sənə verib?

– Burada pis nə var ki! – Sel gülüb Sanı qucaqladı. – Gedək mənimlə, əziz qarıcığım…

Selin bu nəvazişi Sanı yumşaltdı:

– Birdən atan gəlib səni orada görsə, onda necə?

– Onun başı indi dövlət işlərinə qarışıb. Gəl belə eləyək: əvvəlcə atamın yanına gedək, əgər görsək ki Şi-Şen-İtsa ona məruzə eləməklə məşğuldur, deməli, Qızıl Bağlarda səhərədək gəzə bilərik.

Sa narazılıqla başını buladı, ancaq naəlac qalıb ayaqlarını sürüyə-sürüyə qızın dalınca getdi.




III. Atlantida hökmdarı Quan-Ataqueraqan


Quan Ataqueraqan, həqiqətən də, sütunsuz, uzun, dar bir otaqda dövlət işləri ilə məşğul idi. Divarlar Atlantida çarlarının qəhrəmanlıqlarını təsvir edən tunc barelyeflərlə örtülmüşdü. Onlardan aşağıda əsatir səhnələrini əks etdirən rəngbərəng xalçalar asılmışdı. Tavanın üzərindəki kvadrat pəncərələrdən ulduzlu səma görünürdü. Bir cərgə pəncərə isə sarayın ikinci mərtəbəsinə açılırdı. Sel dayəsiylə birlikdə buradan – pəncərənin ipək pərdəsi arxasından aşağı baxırdı.

Quan-Ataqueraqan dəhlizə bənzəyən otağın sonunda, ensiz divarın yanında qiymətli ağacdan düzəldilmiş hündür taxtında əyləşmişdi. Taxtın söykənəcəyini günəşin qızılı diski bəzəyirdi. Taxtın ayaqları isə fil sümüyündən kəsilmiş şir pəncələri şəklində idi.

Bir tərəfdə kahinlərdən biri – əyninə uzun qara paltar geyinmiş Günəşin Müjdəçisi durmuşdu. Digər tərəfdə isə hökmdarın sevimli kahini Şişen-İtsa dayanmışdı.

Taxtın yanında mozaikalı döşəməyə salınmış mağara ayısının dərisi üzərində üzüüstə uzanmış qul can-başla mirzə vəzifəsini yerinə yetirirdi. Onun qarşısına üzərində papirus vərəqləri, mürəkkəb və fırça olan kiçik stol qoyulmuşdu.

Hökmdar donuq baxışlarını boşluğa zilləyərək asta-asta diktə edirdi:

– Yaz: “Mən – qüdrətli, mötəbər, nəhəng, cəsur, şirürəkli bahadır Quan-Ataqueraqan yenilməz hökmdar, Atlantidanın hakimiyəm. Mən bütün düşmənlərimin qənimi kimi üzümü hakimiyyətimə üsyan qaldırmış Uruazal çarına tutub deyirəm: sən qəzəbimə düçar olacaqsan. Mən üsyançıların başından piramida düzəldəcəyəm. Sənin dərini diri-diri soyub şəhər qapılarına heyvan dərisi kimi sərəcəyəm. Şəhər qapılarının önündə dirəklər düzəldəcək, qiyam qaldırmış bütün əyanlarının dərisini soyacaq, həmin dəriləri bu dirəklərin üstünə çəkəcəyəm. Digərlərini sütunun yuxarısındakı, o birilərini isə onun ətrafındakı payalara keçirəcəyəm. Dünyanın o başında da olsan, qəzəbimdən qurtula bilməyəcəksən…”

Sonra hökmdar üzünü Şişenə tutdu:

– İndi isə əmrin üzünü köçürt və mənim möhürümü vur! Sən isə, – bu dəfə Günəşin Müjdəçisinə tərəf çevrildi, – Məğlubedilməz Legionlardan ibarət min gəmi göndər, qoy onlar daşı daş üstə qoymasınlar. Atlantların hakimiyyəti torpağın özü kimi sarsılmaz olmalıdır!





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289835) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Fabrikant – fabrik sahibi olan fabrikçi




2


Broker – alıcı və satıcı arasında əlaqə yaradan şəxs




3


Korrecio – Antonio da Korrecio (1489-1534); Renessans (İntibah)

dövrünün məşhur İtaliya rəssamı




4


Tuf – vulkanik dağ süxuru




5


Dok – gəmi təmir olunan yer




6


Maqnoliya – iri, gözəl və ətirli çiçəkləri olan həmişəyaşıl ağac və kol




7


Adların əksəriyyətini mən atlantların dilindən götürmüşəm. Bəzi adları (Poseydonis, Atlantida və s.) Platonun zamanında müəyyən edilmiş yazı qaydalarına uyğun saxlamışam. Bu, müasirlərimə daha yaxşı tanışdır. – Larison.




8


Obelisk – sütun şəklində daş abidə




9


Barja – yalnız yedəkdə hərəkət edə bilən yük gəmisi




10


Qondola – kayutu olan Venesiya qayığı




11


Felyuqa – Qara dənizdə və Aralıq dənizində kiçik yelkən gəmisi




12


Qışla – əsgəri hissələri yerləşdirmək üçün böyük bina; qazarma




13


Bərbərlər – və ya barbarlar; vaxtilə Afrikanın şimalında yaşamış, indi isə ərəblərlə qarışmış bir xalq




14


Stadi – müxtəlif yerlərdə fərqli olan qədim yunan uzunluq ölçüsü. Attika stadisi 177,6 metrə bərabər idi.




15


Atlant qadınları kişilərlə bərabər müharibədə iştirak edib vuruşurdular. – Larison.



Varlı biri olan mister Solli müəmmalı şəkildə yoxa çıxan nəhəng və əfsanəvi torpağı – Atlantidanı tapmaq həvəsinə düşür. Beləcə, heyrətamiz hadisələr başlayır…

Как скачать книгу - "Atlantidanın son sakini" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Atlantidanın son sakini" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Atlantidanın son sakini", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Atlantidanın son sakini»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Atlantidanın son sakini" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги серии

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *