Книга - Odisseya

a
A

Odisseya
Homer


Dünya ədəbiyyatından seçmələr
Antik ədəbiyyatın ən görkəmli nümayəndələrindən olan Homerin ikinci poemasında – “Odisseya”da İtakalı Odisseyin məmləkətindən didərgin düşüb iyirmi ildən sonra vətəninə dönməsindən bəhs edir.





Homer

Odisseya





“İLİADA”dan “ODİSSEYA”ya


Homerin “İliada” və “Odisseya” poemalarının yaradılma tarixi təxminən e.ə. VII–VI əsrlərə aid olunur. Amma hər iki poemada daha erkən dövrlərdə baş verən tarixi hadisələrdən bəhs edilir. Homerin kor olduğunu və onun dövründə yazının hələ olmadığını nəzərə alaraq alimlər bu poemaların dildən-dilə keçdiyini və yalnız e.ə. VI əsrdə Afina tiranı[1 - Tiran – ölkəni zorakılıqla idarə edən hökmdar, diktator] Pisistratın əmri ilə yazıya alındığını söyləyirlər.

Troya şəhərinin mühasirəsindən, troyalılarla axeylilər arasında gedən müharibədən bəhs edən “İliada” mirmidonların hökmdarı Axillesin təkbətək döyüşdə Hektoru öldürməsi və onun nəşini atası Priama qaytarması ilə bitir. Müharibənin necə bitməsi oxucu üçün qaranlıq qalır. Lakin antik yunan şairləri tərəfindən yaradılmış digər mənbələrdən bu haqda məlumat əldə etmək mümkündür.

Axilles Hektorun nəşini atası Priama qaytardıqdan sonra axeylilər yenidən müharibəni davam etdirirlər. Troyalılara isə yeni müttəfiqləri kömək edir. Onların arasında amazonlar[2 - Amazonlar – qədim yunan mifologiyasında yalnız qadın döyüşçülərdən ibarət olan tayfa] da var idi. Döyüş zamanı Axilles amazonların başçısını, eləcə də Troyanın digər müttəfiqi olan həbəş hökmdarı Memnonu qətlə yetirir. Amma özü də canını ölümdən qurtara bilmir. Anası Fetidanın Axillesə dedikləri doğru çıxır və o həlak olur. Əslində, Axillesi öldürmək mümkün deyildi, çünki hələ körpə ikən anası onu dabanından tutub Stiks çayının sularına salırdı ki, Axillesin bədəni ilahlarınkı kimi möhkəm olsun. Lakin Axillesin bədəninin sehrli sulara dəyməyən bir hissəsi var idi ki, o da onun dabanı idi. İlahlar bunu bilirdilər. Ona görə də troyalıların tərəfində olan günəş ilahı Apollon döyüş vaxtı yayını çəkən Parisin oxunu düz Axillesin dabanına yönəldir. Yeganə zəif yerindən yaralanan Axilles elə həmin andaca ölür. Onun nəşi üstündə gedən döyüş “Odisseya”nın iyirmi dördüncü nəğməsində təsvir olunub. Çətin vəziyyətə düşən axeyli ordusu çıxış yolu axtarır və Odisseylə Diomed digər yunan şəhərlərinə cəsur qəhrəmanlar axtarmağa yollanırlar. Onlar Lemnos adasından cəsur Filokteti və Skiros adasından Axillesin oğlu Neoptolemi Troyaya gətirirlər. Məhz Filoktetin oxundan Troya müharibəsinin səbəbkarı Paris həlak olur. Odisseyin başçılığı ilə axeyli ustalar nəhəng taxta at düzəldirlər və həmin atın içində doqquz məşhur axeyli sərkərdə gizlənir. Onların arasında Menelay, Odissey, Diomed və Neoptolem də vardı. Axeyli ordusu gəmilərə minərək Troya torpaqlarını tərk etdiyini troyalılara nümayiş etdirir, hətta sahildə olan düşərgəni də yandırıb müharibədən əl çəkdiyini göstərir. Əslində isə onlar yaxınlıqda yerləşən adaların yanında lövbər salırlar. Axeylilərdən yalnız bir neçəsi sahildə qalıb Troya hökmdarı Priamın yanına yollanır və ona barışıq əlaməti olaraq nəhəng at gətirdiklərini söyləyir. Priamın baxıcı qızı Kassandra bunun hiylə olduğunu atasına desə də, onu dinləyən olmur. At şəhər meydanına aparılır və orada qalır. Gecə düşüncə isə atın içindəki döyüşçülər oradan çıxıb şəhərin darvazalarını açırlar. Beləliklə, geri dönmüş axeyli ordusu içəri daxil ola bilir. Bundan sonra yatmış troyalı kişilərin qırğını başlanır. Troyanın bütün kişiləri qətlə yetirilir, təkcə Afroditanın oğlu Eney öz silahdaşları ilə birlikdə qaçıb canını qurtara bilir. Qadınların hamısı əsir alınır. Menelay isə əvvəlcə Yelenanı öldürəcəyini desə də, onu görəndə gözəlliyi qarşısında aciz qalıb arvadını bağışlayır.

Axeyli sərkərdə Ayaks Oiley Priamın qızı Kassandranı Afina məbədində zorladığına görə vətənə dönən axeylilərin gəmiləri ilahə Afinanın qəzəbinə tuş gəlir. Afina dənizdə qasırğa qoparır və gəmilərin çoxu sıldırım qayalara dəyərək parça-parça olur.




Birinci nəğmə


Troya müharibəsində iştirak etmiş silahdaşları artıq öz vətənlərinə dönsələr də, Odissey nimfa-kraliça Kalipso tərəfindən saxlanılırdı. Odisseyin vəziyyəti ilahları narahat edirdi, təkcə dəniz ilahı Poseydon onun vətəninə dönməsini istəmirdi.

Bir gün Poseydon həbəşlərin uzaq ölkəsində onların qurbanlarını qəbul edərkən bütün ilahlar Olimpdə toplaşıb söhbətə başladılar. Zevs dedi:

– Qəribədir ki, insanlar başlarına gələn hər şeyə görə biz ilahları günahlandırırlar! Deyirlər ki, pislik bizdən gəlir, halbuki özləri taleyin hökmünə qarşı ağılsızcasına çıxıb ölümə tuş gəlirlər. Egist[3 - Egist – Mikena hökmdarı Atreyin qardaşı oğlu; həddi-büluğa çatanda Atreyi öldürdüyünə görə onun oğulları Aqamemnon və Menelay tərəfindən Mikenadan qovulmuş, qardaşlar Troyaya yollandıqdan sonra Aqamemnonun arvadı Klitemnestranı yoldan çıxarıb Aqamemnonu qətlə yetirmişdir. Orest atasının intiqamını alaraq anasını və Egisti öldürmüşdür.] də eləcə. Bəyəm o da taleyin hökmünə qarşı çıxaraq Aqamemnonun arvadı ilə əlaqəyə girmədi? Sonra da vətəninə dönən Aqamemnonu öldürmədi? Ancaq biz əvvəldən Hermesi onun yanına yollayıb hökmdarı öldürməməyi və arvadı ilə evlənməməyi məsləhət görmüşdük. Xəbərdar etmişdik ki, Aqamemnonun oğlu Orest böyüyüb atasının intiqamını alacaq. Lakin o bizi dinləmədi. Əvəzini də ödədi.

Afina bu an atasına müraciət etdi:

– Sən doğru deyirsən! Bu cür hərəkət edən hər kəs ölümə layiqdir! Ancaq mənim ürəyim bu an doğma diyarından uzaqda qalmış Odissey üçün ağrıyır. Kalipso onu əsarətdə saxlayır, şirin dili ilə onu ələ almağa və keçmişini unutdurmağa çalışır. Odissey isə yalnız ölüm barədə düşünür. Yəni sənin şərəfinə qurbanlar kəsən Odisseyin taleyi səni narahat etmir?

Zevs qaşlarını çataraq qızına cavab verdi:

– Heç öz dediklərinin fərqinə varırsan? Mən Odisseyi necə unuda bilərəm?! O, insanların arasında öz ağlı və şücaəti ilə seçilən bir ərəndir. Lakin Poseydonun ona qəzəbi tutub. Çünki Odissey onun oğlunun – siklopların[4 - Siklop – qədim yunan mifologiyasında təkgözlü div; ehtimal olunur ki, Homer bu obrazı oğuz mifologiyasındakı Təpəgöz obrazından götürüb.] arasında ən güclüsü olan Polifemin yeganə gözünü çıxarıb. İndi də Poseydon ona doğma diyarına getməyə imkan vermir. Gəlin biz Odisseyə necə kömək edəcəyimizi düşünək.








Afina atasına bir təklif verdi:

– Əgər sən və ilahlar Odisseyin doğma diyarına dönməsinə razısınızsa, onda qoy Hermes Kalipsonun yanına gedib bizim qərarımızı ona çatdırsın. Mən isə İtakaya – Odisseyin oğlunun yanına gedim, ona ürək-dirək verim. O da müdrik axeyliləri başına yığsın və Odissey dönmədiyi üçün onun arvadı Penelopaya elçi düşmüş adaxlıları qovmaq üçün kömək istəsin.

Bunları deyib Afina Odisseyin vətəni İtakaya yollandı. O, Tafos hökmdarı Mentin surətini alaraq Odisseyin evinə daxil oldu və qapının ağzında dayanaraq öküz və inək dəriləri üstündə oturub şərab içən adaxlılara tamaşa etməyə başladı. Qonağın gəlişini ilk olaraq Telemah – Odisseyin oğlu gördü. O, adaxlıların yanında qəm-qüssə içində əyləşib atasının geri dönəcəyi günü xəyal edirdi. Qonaq onu fikirlərindən ayırdı. Telemah qapıya tərəf tələsib onu evə dəvət etdi və içəri otaqlardan birində süfrə arxasına əyləşdirdi. Qulluqçular xörəklər gətirib Afinanın önünə düzdülər.

Elə bu vaxt adaxlılar onların oturduqları otağa səs-küylə daxil olub rəqs edəcəklərini bəyan elədilər. Telemah isə qonağına sarı əyilib heç kəs eşitməsin deyə pıçıldadı:

– Əziz qonaq, sənə bir söz desəm, qəzəblənməzsən ki? Bax bunların ağlında ancaq kifara[5 - Kifara – qədim yunan simli musiqi aləti; kifarada yalnız kişilər ifa edərdilər.] və rəqsdir. Əlbəttə, onlara nə var ki?! Başqasının var-dövlətini xərcləmək asandır. Atamın sümüklərini isə, bəlkə də, haradasa yağış isladır. O, buraya gəlsəydi, bunların hamısı var-dövlətdənsə iti ayaqlara sahib olmağı arzu edərdi. Bəs sən kimsən, haralısan? Buraya ilk dəfə gəlirsən, yoxsa əvvəllər atamın qonağı olmusan?

Afina dedi:

– Adım Mentdir, Tafos hökmdarıyam, buraya öz gəmimlə gəlmişəm, biz Odisseylə çoxdanın dostuyuq. İstəyirsən baban Laertdən də soruş. Mənə demişdilər ki, sənin atan artıq evinə dönüb, amma belə başa düşürəm ki, ilahlar onun dönməsinə mane olurlar. Lakin Odissey həlak olmayıb. O, sonsuz dənizin adalarından birində vəhşi insanlar tərəfindən saxlanılır və nə qədər buraya gəlməyə çalışsa da, buna müvəffəq ola bilmir. Mən baxıcı olmasam da, ilahların niyyətindən xəbərdaram. Odisseyin hiylə işlətməkdə təcrübəsi var. Bu dəfə də vətəninə dönməyin yolunu tapacaq. Sənsə Odisseyə çox bənzəyirsən, onunmu oğlusan?

Telemah belə cavab verdi:

– Heç bilmirəm. Anam deyir ki, mən Odisseyin oğluyam. Lakin atasını heç görməyən biri buna necə əmin ola bilər?! Amma indi əsas dərdim adaxlıları buradan qovmaqdır, çünki onların məni öldürmək fikri var.

Afina qəzəblə dedi:

– Bədbəxtliyə bir bax! Belə başa düşürəm ki, bu çağırılmamış qonaqları buradan qovmaq üçün yalnız Odisseyin özü gərəkdir. Gəl sənə bir məsləhət verim. Elə sabah axeyliləri məşvərətə topla və onlara hər şeyi danışıb adaxlıların çıxıb getməsini tələb et. Sonra da gəmi ilə Pilosa – müdrik Nestorun yanına yollan, oradan da Menelayın yanına – Spartaya get. Onlardan atan haqqında məlumat əldə etməyə çalış. Dediklərim barədə ətraflı düşün. Mən isə öz gəmimə dönməliyəm.

Bu sözləri deyib Afina bir quştək pəncərədən uçub getdi. Telemah adi insanla deyil, ilahla söhbət etdiyini anladı.

O elə həmin gün adaxlılara dedi ki, növbəti gün məşvərət keçirəcək və bundan sonra bütün adaxlılar Odisseyin evini tərk edəcəklər. Əgər tərk etməsələr, onda Telemah Zevsdən yardım istəyəcəyini bəyan etdi. Adaxlılar Telemahın bu cəsarətinə təəccübləndilər. Antinoy adlı birisi ona dedi:

– Sənə bu cür cəsarətli danışmağı ilahlar öyrədib. Zevs bizi qorusun və sənin hökmdarımız olmağına imkan verməsin, hərçənd sənin buna hüququn çatır.

Telemah isə dedi:

– Hökmdar olmağı kim istəməz ki?! Zevs mənə bu səlahiyyəti versəydi, mən onu böyük sevinclə qəbul edərdim. Amma hökmdar olub-olmayacağımdan asılı olmayaraq mən bu evin ağasıyam.

Ziyafət bitincə bütün adaxlılar öz evlərinə yatmağa getdilər. Telemah da öz otağına çəkildi.




İkinci nəğmə


Alyanaqlı Eos dünyaya işıqlı səhəri gətirəndə Telemah yatağından qalxdı. Əyninə ən gözəl geyimlərini geyinib qılıncını taxdı. Sonra carçılara əmr etdi ki, camaatı meydana toplasınlar.

Meydan insanlarla dolduqdan sonra Telemah irəli çıxıb dedi:








– Bu gün sizinlə atamdan, evimin başsız qalmasından danışmaq üçün buradayam. Atamın yoxluğundan istifadə edən adaxlılar evimizə yığılıb var-dövlətimizi dağıdır, mal-qaranı kəsir, Odisseyin evini tar-mar edirlər. Mənsə onların qarşısını alacaq gücə sahib deyiləm. Onlar anamla evlənmək istəyirlərsə, babam İkarinin qapısına gedib ondan cehiz tələb etsinlər. Anam da ürəyinə yatan birini seçərək ona ərə getsin. Belə davam edərsə, mən dilənçi kökünə düşəcəyəm, onda da qapı-qapı gəzib dilənərək əlimdən alınanları axeylilərdən geri istəyəcəyəm.

Bu sözləri eşidən hər kəsin Telemaha ürəyi yandı. Təkcə Antinoy ona etiraz edərək dedi:

– Sən nə danışırsan, çərənçinin biri?! İstəyirsən ki, bizi el içində rüsvay edəsən? Hər şeydə sənin hiyləgər anan günahkardır! Üç ildir ki, hamımıza ayrı-ayrılıqda vədlər verərək aldatmağa çalışır. Hələ bu azmış kimi, üstəlik, bir hiyləyə də əl atdı. Elan etdi ki, həlak olmuş əri üçün tabut örtüyü toxuyacaq və yalnız onu bitirdikdən sonra kimə ərə gedəcəyinə qərar verəcək. Lakin o bizi bu dəfə də aldatdı. Düz üç il boyunca örtüyü gündüzlər toxuyur, gecələrsə sökürmüş. Bizi isə bu haqda onun qulluqçusu xəbərdar etdi. İndi də deyirəm, sən də məni eşit! Anana de ki, aramızdan birini seçib ona ərə getsin. O vaxta qədər sənin evində qalıb var-dövlətini yeyib-bitirəcəyik, ancaq başqa qızın evinə elçi düşməyəcəyik!

Telemah Antinoya belə cavab verdi:

– Mən bu sözləri anama çatdıra bilmərəm, məni boya-başa çatdırmış doğma anama evimdən getməyi tələb edə bilmərəm. Bir də deyirəm, evimdən əl çəkin. Yenə də evimdə ziyafətlər təşkil eləməkdə davam etsəniz, onda Zevsi köməyə çağıracağam. Zevsin intiqamından heç kəs canını qurtara bilməyəcək, siz hamınız məhv olacaqsınız!

Telemah elə bunu demişdi ki, Zevs iki qartalı işarə kimi İtakaya göndərdi. Qartallar əvvəlcə sakitcə və yanaşı uçurdular, lakin məşvərət yerinə çatınca bir-birini iti caynaqları ilə cırmaqlamağa və dalaşmağa başladılar. Sonra gözdən itdilər.

Bunu görən bir qoca üzünü axeylilərə tutub dedi:

– İtakalılar! Odissey tezliklə vətənə dönəcək, Penelopanın adaxlılarını da öldürəcək. Bilirsiniz ki, mən heç vaxt sözlərimdə yanılmıram. İllərlə bundan öncə – Odissey Troya müharibəsinə yollananda onun evinə düz iyirmi ildən sonra dönəcəyini demişdim. Dediklərim də düz çıxdı.

Lakin adaxlılar qocaya inanmadılar, onu yalan danışmaqda ittiham edib dedilər ki, Penelopa onlardan birini seçməyənə qədər Odisseyin evindən getməyəcəklər. Telemah isə atası haqqında xəbər bilmək üçün Pilosa yollanacağını elan edib həmyerlilərindən bu səyahət üçün bir gəmi və iyirmi gənc itakalı oğlan istədi.

Lakin qəzəbli adaxlılar məşvərəti dağıdıb axeyli camaatına evlərinə yollanmağı əmr etdilər. Özləri də yenidən Odisseyin evinə döndülər.

Telemah dənizin qumlu sahili boyunca uzaqlaşaraq əllərini göyə uzadıb Afinaya yalvardı:

– Sən dünən evimə gəlib mənimlə danışdın və atamdan xəbər tutmaq üçün mənə gəmi ilə səyahətə çıxmağı tapşırdın. Adaxlılarsa mənə mane olurlar. Mənə kömək et, ilahə Afina!

Elə o an Afina Odisseyin çoxdankı dostu Mentorun surətində Telemahın önündə peyda oldu. Bu, həmin Mentor idi ki, müharibəyə gedərkən Odissey ailəsi və sərvətinə nəzarəti ona tapşırmışdı. Afina Telemaha dedi:

– Telemah, bundan sonra güclü olmalısan. Zəiflik Odisseylə Penelopanın oğluna yaraşmaz. Əgər zəifsənsə, onda onların övladı deyilsən! Əgər damarlarında Odisseyin qanı axırsa, istədiklərinə nail olacaqsan. Adaxlılar barədə düşünmə. Onlar hamısı ölümü eyni gündə tapacaq. Mən sənə gəmi tapmaqda kömək edəcəyəm. Atana necə sadiq olduğumu görəcəksən. Sənsə evinə dön və yol üçün buğda, şərab hazırlatdır.

Telemah evə qayıtdı. Orada Antinoy ona yaxınlaşaraq əlindən tutdu və ziyafətə dəvət edərək bir müddətliyə hər şeyi unudub yeyib-içməyi təklif etdi. Telemah üçün gəmi tapacağına da söz verdi. Amma Telemah əlini sərt şəkildə geri çəkərək adaxlıların köməyinə ehtiyacı olmadığını dedi. Onlarsa onun şücaətinə lağ edir, Odisseyin var-dövlətini necə bölüşdürəcəklərini müzakirə eləyirdilər.

Telemah onlara fikir vermədən ərzağın saxlandığı anbara yollandı və qoca qulluqçudan xahiş etdi ki, onun üçün on iki kuzə şərab və on iki kisə buğda hazırlasın. Qoca qadın bunları nə üçün istədiyini soruşanda o, Pilos və Spartaya yollanacağını bildirdi. Sonra xahiş etdi:

– Amma bu xəbəri anama mən İtakanı tərk etdikdən on iki gün sonra deyərsən.

Afina isə həmin vaxt Telemahın surətini alıb şəhərə yollandı və gənc oğlanların qarşısına çıxıb onları səyahətə dəvət etdi. Lazım olan miqdarda adam yığıldıqdan sonra Afina Froninin oğlu Neomondan aldığı gəmiyə gedib onu səyahət üçün hazır vəziyyətə gətirdi. İtakalı gənclər gəmidə toplaşdıqdan sonra Afina Odisseyin evinə gəlib elə etdi ki, adaxlılar öz evlərinə erkən çıxıb getdilər. Sonra ilahə Telemaha gəminin hazır olduğunu dedi. Telemahla yoldaşları ərzağı gəmiyə daşıdıqdan sonra gəmi dənizə çıxdı. Afina gəminin göyərtəsində əyləşib küləyi səslədi. Külək gəmiyə daha sürətlə hərəkət eləməyə kömək etdi. Beləliklə, gəmi bütün gecəni və növbəti günü sürətlə üzdü.




Üçüncü nəğmə


Parlaq günəş əsrarəngiz körfəzi tərk edərək sərhədsiz səmaya qalxdı ki, öz işığı ilə ölümsüz ilahların və ölmək üçün yaranmış insanların dünyasını nurlandırsın.

İtakalılar isə həmin vaxt Nestorun əzəmətli şəhəri Pilosa çatdılar. Onlar gəmini limanda qoyub sahilə endilər. Mentor surətli Afina Telemaha dedi:

– Utancaqlığını kənara at, Telemah! Onu birdəfəlik unut! Düz Nestorun yanına yollan və ondan atan haqqında bir xəbər bilməyə çalış.

Afina belə deyib Telemahın önündə iti addımlarla getdi, Telemah da onun arxasınca tələsdi. Bir azdan pilosluların yığışdıqları yerə çatdılar. Nestorla oğulları da orada idilər. Onlar yadelliləri mehribanlıqla qarşıladılar və ziyafət masalarına dəvət edərək Nestorun yanında əyləşdirdilər. Süfrəyə şərab və dadlı xörəklər qoyulduqdan sonra Nestorun oğullarından biri Mentora, yəni Afinaya bir qədəh şərab uzatdı və Poseydona dua etmək şərəfini verdi. Afina dua etdi:

– Hökmdar Poseydon, Nestorla oğullarına cansağlığı ver! Sonra da mənimlə Telemaha buradakı işlərimizi həll edib geri dönməyə kömək et!

Hamı dua edib xörək yeyəndən sonra Nestor qonaqlardan kim olduqlarını və haradan gəldiklərini soruşdu. Afinanın dediyi sözlərdən cəsarətlənən Telemah özü Nestora cavab verdi:

– Axeylilərin şərəfi və başucalığı olan Nestor! Mən buraya səninlə birlikdə Troya divarları altında döyüşmüş atam Odissey haqqında xəbər bilməyə gəlmişəm. Yalvarıram sənə, əgər onun müharibədən sonrakı taleyindən xəbərin varsa, mənə de.

Nestor dedi:

– Dostum, sən mənə həmin döyüş vaxtı çəkdiyimiz əzab-əziyyəti xatırlatdın. Həmin vaxt ən yaxşı sərkərdələr həlak oldu. Onların arasında Ayaks, Axilles, Patrokl, mənim cəsur oğlum Antiloh var idi. İndi hamısı orada uyuyur. Troyanı aldıqdan sonra bir axşam, günəş qürub edəndə Menelay yorğun, sərxoş döyüşçüləri məşvərətə topladı. İlahə Afinanın isə Menelay və Aqamemnona ədalətsizliklərinə görə acığı tutmuş, onların arasına nifaq salmışdı. Menelay məşvərətdə evə dönməyi təklif etdi. Aqamemnon razılaşmadı. İki qardaş arasındakı fikir ayrılığı ordunu da iki yerə ayırdı. Növbəti gün yarı hissəmiz gəmilərimizə minib yola düşdük. Aqamemnonla tərəfdarları isə qaldılar. Lakin ilahlar indi də yola düşənlər arasında nifaq saldılar, bəzi sərkərdələr öz gəmilərini geri döndərib Aqamemnonun yanına qayıtdılar. Odissey də onların arasında idi. Mən, Menelay və digərləri yolumuza davam etdik. Bir neçə günə Pilosa çatdım. O vaxtdan digər sərkərdələri görməmişəm, onlardan xəbərsizəm. Ancaq yəqin ki, sizin də Aqamemnonun ölümü və oğlu Orestin intiqamından xəbəriniz var.

Telemah dedi:

– Bəli, bu haqda eşitmişəm. İlahlar Orestə belə bir güc bəxş etmişlər. Mənə də belə bir imkan versəydilər, anama adaxlı düşənlərin cavabını verərdim. Aqamemnonun başına gələnləri ətraflı danışa bilərsənmi?

Nestor bildiklərini nəql etməyə başladı:

– Biz müharibəyə yollananda Aqamemnon arvadı Klitemnestranı etibar elədiyi bir musiqiçiyə tapşırıb əmr verir ki, ona nəzarət etsin. Egistin isə gözü Aqamemnonun arvadına düşür. Egist onu tədricən razılığa gətirir. Klitemnestra onun arvadı olmağa razılaşanda o, sadiq musiqiçini uzaq bir adaya göndərir, musiqiçi orada ölür və cəsədi quşlara yem olur. Egist isə Klitemnestranı evinə gətirərək özünə arvad edir. Müharibə bitdikdən sonra bizim Menelayla dənizdə yolumuz bir idi. Gəmilərimiz bir müddət yanaşı üzdü. Amma ilahların qəzəbinə düçar olduğu üçün Zevs Menelaya ağır tale qismət etdi. O, Misir sahilinə gedib çıxdı. Bu zaman Egist Troyadan evinə dönmüş hökmdar Aqamemnonu öldürüb Mikenanı düz yeddi il idarə edir. Səkkizinci ilin başlanğıcında Aqamemnonun Afinada böyüyən oğlu Orest Mikenaya dönür, Egistlə anasını öldürərək atasının intiqamını alır. Sonra o, öldürdüyü bu iki nəfər üçün matəm təşkil edir, elə həmin gün Menelay, nəhayət ki, öz doğma diyarına dönür. Bax belə. Sən gərək Menelaya baş çəkəsən. O, vətəninə yenicə dönüb, bəlkə də, atan barədə məlumatı var. Sən Menelayın yanına gəminlə də, quru yolla da gedə bilərsən. Əgər istəsən, gərdunə[6 - Gərdunə – cəng arabası] və oğullarım ixtiyarındadır.

Nestor əhvalatı bitirəndə artıq qaranlıq düşmüşdü. Bunu görən Afina dedi:

– Müdrik qoca, sən düzgün və haqlı danışdın. Lakin indi yatıb rahatlıq tapmaq vaxtıdır.

Nestor bu təkliflə razılaşdı və Afina ilə Telemahı öz evinə gecələmək üçün dəvət etdi. Afina Telemaha məsləhət gördü ki, Nestorun təklifini qəbul etsin, ancaq özünün gəmiyə gedəcəyini bildirdi. Həmçinin Nestorun Telemahı Menelayın yanına gərdunə ilə göndərmək istəyini dəstəklədiyini deyib Afina qartala çevrildi və uçub getdi. Hamı təəccübdən donub-qaldı. Müdrik Nestor isə Telemahın əlindən tutub dedi:

– Görürəm ki, sən adi insan deyilsən, ilahlar özləri sənə arxa-dayaqdırlar. İndicə yanımızda olan isə ilahə Afinanın özü idi! Mən də elə buradaca Afinanın şərəfinə birillik buzov qurban deyirəm.








Bunları deyib Nestor dua etməyə başladı və Afina da onun dualarını qəbul etdi. Nestor Telemahı öz sarayına apardı.

Səhər açılanda isə Nestor yerindən qalxıb eşiyə çıxdı və evinin qabağında əyləşdi. Oğulları və Telemah onun yanına gəldilər. Nestor oğullarına tapşırdı ki, otlaqdan birillik buzov tutub gətirsinlər və onun buynuzları üçün qızıl bəzəklər düzəltdirsinlər.

Onlar Nestorun tapşırığına əməl etdilər, sonra da möhtəşəm ziyafət təşkil olundu, bu ziyafətə həm də Telemahın iyirmi yol yoldaşı dəvət olundu. Afinanın şərəfinə deyilmiş qurban kəsildi və hamı qarnını doyurandan sonra Nestor yenidən oğullarına müraciət edərək Telemah üçün gərdunəni, atları və yol üçün ərzaq hazırlamağı tapşırdı. Telemah Nestorun oğullarından biri ilə elə həmin gün Menelayın yanına yola düşdü.




Dördüncü nəğmə


İki gün sonra Telemahla Nestorun oğlu Spartaya çatıb Menelayın evinə yollandılar. Həmin gün Menelay həm oğlunun, həm də qızının toyunu qeyd edirdi. O, qızını məşhur qəhrəman Axillesin oğlu Neoptolemə ərə verirdi. Menelay qızını ona hələ Troyada söz vermişdi. Köləsindən doğulan oğlu Meqapont üçünsə Spartadan bir qız seçmişdi. Lakin Yelenaya ilahlar daha övlad vermədilər.

Telemah və yoldaşı Menelayın evinə çatanda bütün qonaqlar masa arxasında əyləşib şənlik edirdilər. İki yadellinin gəldiyini görən Menelayın köməkçisi tez ağasına onlar barədə məlumat verdi və soruşdu:

– İki kişi gəlib, Menelay. Nə əmr edirsən? Onları içəri dəvət edim, yoxsa başqa birinin evinə göndərim?

Menelayın ona qəzəbi tutdu:

– Sən ki heç vaxt ağılsız olmamısan! Bəs indi nə olub sənə? Yəni biz ikicə nəfəri evimizdə qonaq kimi qəbul edə bilməyəcəyik? Elə bu dəqiqə onları içəri dəvət et!

Köməkçi əmri yerinə yetirməyə tələsdi. O, Telemahla yoldaşını içəri dəvət etdi. Uzun yol gəldikləri üçün onların üst-başları təmiz deyildi. Buna görə də onlara əl-üzlərini yuyub paltarlarını dəyişmək təklif olundu. Onlar özlərini qaydaya salıb Menelayın hüzuruna gəldilər.

Menelay qonaqları əlində bir qədəh şərabla qarşılayıb ziyafət süfrəsinə dəvət etdi. Nahar etdikdən sonra Telemah sakitcə Nestorun oğluna Menelayın geyimi, qızılı və var-dövlətinə mat qaldığını və yalnız Zevsin belə möhtəşəm olduğunu dedi. Menelay Telemahın dediklərini eşitdi, ona görə də üzünü bütün qonaqlara tutub dedi:

– Övladlarım, insan Zevslə bəhsə girə bilməz, çünki onun sərvətləri tükənməzdir. Bizimki isə dəyişkəndir. Müharibədən sonra mən bir çox ölkələrdə oldum və hər yerdən özümə sərvət topladım, vətənimə bu sərvətlə geri dönəndə əziz qardaşımın öldürüldüyünü bildim. Qoy onların yarısını itirmiş olaydım, amma qardaşımı sağ görəydim. Hələ müharibədə biz necə ərənlər itirdik! Hamısı üçün çəkdiyim acı ürəyimdədir. Lakin heç birimiz cəsur Odisseyin payına düşən bədbəxtlikləri çəkməmişik. Sağ, yoxsa ölmüş olduğu hələ də bilinmir. Onun dərdini ən çox çəkənlərsə qoca atası Laert, gənc arvadı Penelopa və Odissey müharibəyə yollananda hələ körpə olan Telemahdır.

Bu sözləri eşidəndə Telemah kövrəldi və gözündən axan bir damla yaşı gizlicə sildi, lakin bu da Menelayın nəzərindən yayınmadı. Elə bu vaxt Menelayın gözəlliyi ilə məşhur olan arvadı Yelena ziyafət masasına buyurdu. Əyləşib iki yeni qonağa fikir verdi və onlardan birinin Odisseyə çox oxşadığını dedi. Menelay da onun fikrini bölüşdüyünü bildirdi. Belə olduqda Nestorun oğlu danışdı:

– Xalqların hökmdarı Menelay! Sən haqlısan, qarşındakı bu gənc Odisseyin oğludur, mənsə müdrik Nestorun oğluyam. Atam məni onun yanında göndərib ki, sənin hüzuruna gətirim.

Bunun ardınca Menelay Odisseyin qəhrəmanlıqlarından danışmağa başladı. Yelena isə Odisseyin dilənçi geyimində Troyaya daxil olduğunu, heç kəsdə şübhə oyatmadan şəhəri gəzib onun özünü və müdafiə sistemini öyrəndiyini nəql etdi. Menelaysa Odisseyin köməyi ilə Troyaya taxta atın içində daxil olmaları haqqında danışdı. Bu zaman onlardan bir neçəsinin, elə Menelayın özünün də Yelenanın səsini eşidən kimi ona cavab vermək istəmələrindən, lakin ağlı ilə seçilən Odisseyin buna imkan verməməsindən, bununla da Troyanı zəbt eləmək planının baş tutmasından bəhs etdi.

Telemah isə Menelaya dedi:

– Sən atam haqqında belə danışdıqca mənim ürəyim daha da ağrıyır, çünki belə bir adamı itirdiyimi anlayıram. İndi isə, mümkünsə, bizə yatmağa izin ver, çünki çox yorğunuq.

Yelena elə o dəqiqə qonaqlar üçün yataqların salınmasını əmr etdi, hər şey hazır olduqdan sonra hamı yatmağa yollandı.

Səhər açılınca Menelay Telemahın yanına yollanıb soruşdu:

– Telemah, mənə söylə görüm, səni buraya gətirən səbəb nədir? Xalqınınmı dərdi var, özününmü?

Telemah cavab verdi:

– Hörmətli Menelay, sənin yanına atam haqqında soruşmaq üçün gəlmişəm. Evimin hər tərəfini həyasız adaxlılar tutub var-dövlətimi talan edir, anamla evlənmək istəyirlər. Ona görə də sənə yalvarıram, əgər atamın ölümü barədə nə isə bilirsənsə, mənə danış.

Menelay dənizdə olduğu vaxt bir dəniz qocası ilə söhbət etdiyini danışdı və dedi ki, qocadan eşitdiyinə görə, Odissey nimfa Kalipsonun əsarətindədir.

Həmin vaxt adaxlılar Odisseyin evində oyunlar təşkil edib özlərini nizəatma və diskatma üzrə yarışlarda sınayırdılar. Antinoy məşhur nəsildən olduğu üçün baş tərəfdə əyləşmişdi. Onun yanına bir həmyerlisi yaxınlaşaraq Telemahın nə vaxt Pilosdan dönəcəyini soruşdu, o, Telemaha səyahət üçün öz gəmisini verdiyini, indi də gəminin özünə lazım olduğunu dedi. Adaxlılar bunu eşidəndə təəccüb içində qaldılar. Onların heç ağlına da gəlməzdi ki, Telemah artıq Pilosa yollanıb. Onlara elə gəlirdi ki, Telemah tək qalmaq üçün dağlarda-dərələrdə gəzir. Antinoy gəmi sahibindən soruşdu:








– Düzünü de görüm, Telemah nə vaxt yola düşüb? Kimlərlə gedib? Səndən gəmini məcburən alıb, yoxsa öz xoşunla vermisən?

Gəmi sahibi gəmini öz xoşu ilə, Telemaha kömək etmək istədiyi üçün verdiyini və onunla birlikdə itakalı gənclərin könüllü olaraq səyahətə çıxdıqlarını, həm də Odisseyin dostu Mentorun onlarla birlikdə getdiyini dedi. Amma o, bircə şeyə təəccüblənirdi ki, artıq neçə gündür İtakanı tərk edən Mentora bir gün öncə rast gəlib. O bunları deyib getdi. Antinoy isə qəzəbdən qızarıb hirslə dedi:

– İşlər çox pisdir! Bu səyahət bizə qarşı çevrilə bilər! Heç bu balaca gədənin belə bir səyahətə çıxacağını təsəvvürümə gətirməzdim! Bir tədbir görmək lazımdır. Mənə bir gəmi və iyirmi yoldaş tapın ki, onu körfəzdə pusaq. Onu dönərkən tutmaq lazımdır.

Təklifi hamı bəyəndi. Lakin bu, Penelopadan gizli qalmadı. Söhbəti eşidən carçı ona hər şeyi xəbər verdi.

Eşitdiklərindən dərin kədərə düçar olan Penelopa Afinaya dua etməyə başladı və ona oğlunun ölümdən və pisniyyətli adaxlılardan qurtulması üçün yalvardı. Afina da onun yalvarışını eşitdi.

Antinoy isə etibar etdiyi iyirmi nəfər seçib onlarla birlikdə sahilə getdi. Orada Antinoyun əlaltıları gəmini dənizə çıxarıb lövbər atdılar, gəminin dirək və yelkənlərini isə endirdilər. Bu yolla onlar körfəzə girən gəmilərin nəzərini cəlb etməyəcəkdilər.

Afina isə artıq yatmış, lakin yuxusunda da rahatlıq tapa bilməyib oğlu üçün narahat olan Penelopanı sakitləşdirmək istədi. Bunun üçün onun uzaqda yaşayan bacısının ruhunu Penelopanın yuxusuna göndərdi. O, Penelopaya Telemah üçün narahat olmamağı məsləhət görüb onun evinə sağ-salamat dönəcəyini dedi.

Adaxlılarsa şam yeməklərini bitirib İtakadan azca aralı olan kiçik bir adanın limanında pusquda duraraq Telemahı gözləməyə başladılar.




Beşinci nəğmə


Alyanaqlı Eos səhəri açanda ilahlar məşvərətə toplaşdılar. Afina baş verənləri danışdıqdan sonra Zevs dedi:

– Hermes, sən Kalipsonun yanına yollan və nimfaya de ki, biz Odisseyin evə dönmək qərarını vermişik. O, taxta parçalarından sal düzəltməli və onun üzərində iyirmi gün üzərək gedib Sheriya torpaqlarına çatmalıdır. Orada feakiyalılar ona layiq olduğu hörməti göstərəcək, gəmi, mal-mülk verib yola salacaqlar, o da öz yurduna dönəcək.








Hermes Zevsin əmrinə tabe olub yola düşdü və bir göz qırpımında Kalipsonun adasına gəldi. Nimfanın yaşadığı mağaraya girəndə yandırılmış ətirli otların gözəl qoxusunu hiss etdi. Hermes hər yanın gözəlliyi və nimfanın nəğmə oxuyan valehedici səsi qarşısında bir anlıq donub-qaldı. Lakin o, tez özünə gəlib mağaraya daxil oldu. Kalipso onu görən kimi tanıdı, çünki ilahlar bir-birini tanımaya bilməz. Amma Odissey Hermesin gözünə dəymədi, o, çılpaq qayalardan birinin üstündə oturub doğma yurdu üçün göz yaşı axıdırdı.

Kalipso Hermesi xoş üzlə qarşılayaraq dedi:

– Mənim evimə pənah gətirən hörmətli Hermes! Səni burada tez-tez görməyə alışmamışıq. Buyur, içəri keç. Nə arzun var? İmkanlarım daxilində istədiyini yerinə yetirməyə hazıram!

Hermes Kalipsonun dəvəti ilə yemək süfrəsinin arxasında əyləşib gözəl nemətlərdən daddıqdan sonra dedi:

– İlahə, mən buraya öz istəyimlə deyil, Zevsin əmri ilə gəlmişəm. Sənin adanda bir ərən var. Zevs deyir ki, onun qismətinə burada qalmaq yazılmayıb. O öz evinə dönməli, vətənində uzun illər xoşbəxt yaşadıqdan sonra ölməlidir.

Kalipso Hermesə etiraz dolu bir səslə cavab verdi:

– Axı niyə siz ilahlar belə qəddarsınız? Nəyə görə bir ilahənin adi insanla izdivacına imkan vermirsiniz? Mən onu dənizdə tapıb xilas etmişəm. Onun qayğısına qalmışam. Onu ölümsüz etmək niyyətindəydim. Amma bir halda ki Zevs özü mənə bu əmri verir, onda ona getməyə izin verəcəyəm. Lakin ona verə biləcəyim nə gəmim, nə də adamlarım var. Ona yalnız vətəninə gedib çıxması üçün məsləhət verə bilərəm.

– Onu buraxmalısan. Yoxsa Zevsin qəzəbindən qorx!

Bu sözləri deyib Hermes uçub getdi. Kalipso isə Odisseyin yanına yollandı:

– Bəsdir artıq bütün günü ağlayıb-sızladın! Səni buraxıram. Məsləhətimi dinlə. Özünə sal düzəlt. Sənə çörək, su və şərab verəcəyəm ki, yolda ac qalmayasan. Sonra da səni evinə aparacaq küləyi yollayacağam. İlahların köməyi ilə evinə sağ-salamat dönəcəksən.

Odissey nimfaya qəzəblə cavab verdi:

– Sənin ağlında mənim evə dönməyim deyil, ilahə! Başqa bir şeydir. Axı mən necə adi bir sal üstündə okeanı üzüb keçə bilərəm? Sən and içməsən ki, başqa bir niyyətin yoxdur, mən o salın üstünə ömrüm boyu çıxmaram.

Nimfa gülümsəyərək dedi:

– Necə də hiyləgərsən, əzizim. Qoy mənə hava, geniş səma, Stiksin suları şahid olsunlar ki, sənə heç bir bədbəxtlik arzulamıram! Ölümsüz ilahlar bilirlər ki, bu, ən ağır anddır[7 - Stiks – qədim yunan mifologiyasına görə, yeraltı səltənətdən axan çay; Stiks həm də ilahə sayılır və o öz övladları ilə birlikdə Zevsə atasına qarşı apardığı müharibədə ən birinci kömək edənlərdən olmuşdur. Buna görə də Zevs ona and içilmək hüququnu verir. Stiksin sularına and içmiş ilah öz andını tutmazsa, onda düz birilllik yuxuya gedir və doqquz il müddətinə Olimpdən qovulur.].

Odissey ona inandı və onlar şam etməyə yollandılar. Gecə düşüncə isə hər ikisi yatdı.

Növbəti gün Kalipso Odisseyə balta verib onu adanın içəri tərəflərinə apardı. Orada Kalipso ona hündür şam ağaclarını göstərdi ki, onlardan sal düzəltsin. Özü isə mağarasına döndü.

Odissey düz dörd gün dayanmadan işlədi, geniş və möhkəm sal düzəltdi, ortasında dirək yerləşdirdi, Kalipsonun verdiyi möhkəm parçanı həmin dirəkdən yelkən kimi asdı. Ertəsi gün Kalipsonun verdiyi şərab, su, çörək və digər ərzağı salda yerləşdirib yola düşdü. Kalipso da ona söz verdiyi kimi, salı irəliyə aparacaq külək göndərdi.

Odisseyin okeanda olduğu on səkkizinci gün, nəhayət ki, Sheriya görünməyə başladı. Elə bu vaxt Poseydon həbəş torpaqlarından geri dönürdü. O, Odisseyi görüb düşündü: “Bu nə deməkdir? İlahlar Odisseyin taleyini özləri həll etməyə başlayıblar? Onun əzablı yolu artıq bitmək üzrədir, amma mən onun qarşısına bir az da əngəl çıxararam”. Poseydon qara buludları okean üzərində toplayıb bütün dəli küləkləri qaldırdı, onlar hamısı birdən əsməyə başlayıb okeanda burulğan yaratdı. Odissey gördüyü mənzərədən vahiməyə gələrək özlüyündə dedi: “Bu nədir, İlahi? İlahə düz deyirdi ki, mən evə çatana qədər hələ çox bəlalardan keçəcəyəm. Amma inanmıram ki, buradan sağ çıxam. Burada belə ucuz ölümlə ölməkdənsə, müharibədə ölsəydim, daha yaxşı olardı”.

Elə bunu düşünmüşdü ki, hündür bir dalğa var gücü ilə onun salının üzərinə gəldi, dirəyi ortadan qırıb yelkəni parçaladı və salı iki yerə ayırdı. Odisseyi isə saldan çox uzağa atdı. Odissey bütün gücünü toplayıb sal tərəfə üzdü və ondan qalan bir parçanın üzərinə çıxdı. Bu vaxt onu dəniz nimfalarından biri görüb bu ölümlü insana yazığı gəldi, tez okeanın dərinliyindən Odisseyin yanına qalxaraq dedi:

– Yazıq! Poseydon sənə nəyə görə belə zülm edir? Ancaq qorxma, səni məhv etməyəcək. Məsləhətimi dinlə. Əynindəki bu ağır paltarları çıxar. Salını isə dalğaların ixtiyarına ver. Özün də bu örtüyü al və geyin. O səni qoruyacaq. Qollarını işə salaraq sahilə tərəf dayanmadan üz, orada səni xilas gözləyir. Sahilə çıxan kimi örtüyü əynindən çıxar və bacardığın qədər dənizə uzağa at, atarkən də arxasınca baxma.

Nimfa sözünü deyib əlindəki örtüyü Odisseyə uzatdı və elə o an dalğaların altında yoxa çıxdı. Bu vaxt Poseydon yenidən bir uca dalğanı Odisseyin üzərində oturduğu sala çırpdı. O, dalğanın gücündən parça-parça oldu. Odissey suya yıxıldı, batmamaq üçün saldan qopmuş ağac parçasından yapışdı. Özü suda, bir əli ağac parçasında ikən paltarını birtəhər soyundu və nimfanın verdiyi örtüyü əyninə keçirdi. Sonra özünü dalğaların ağuşuna atıb var gücü ilə sahilə doğru üzməyə başladı. Düz iki gün-iki gecə Odissey ölümlə üz-üzə qalaraq dalğalar tərəfindən ora-bura atıldı. Onu hər an ölüm təhlükəsi gözləyirdi, nəhayət ki, üçüncü gün küləklər sakitləşdi. Odissey yaxında torpağın olduğunu görüb elə sevindi ki, yorğunluğuna baxmayaraq, tez-tez üzməyə başladı və çox keçmədi ki, oraya çatdı. Quruya çıxan kimi nimfanın örtüyünü suya atıb sevinc içində torpağı öpdü. Sonra isə özünə yatıb dincəlmək, həm də vəhşi heyvanlardan qorunmaq üçün yer axtarmağa başladı. Birdən gözünə yanaşı bitən iki zeytun kolu sataşdı. Yaxınlaşıb baxanda onların arasında boş yerin və həmin yerin üzərində çoxlu yarpağın olduğunu gördü. Odissey tez oraya girib yarpaqların arasına uzandı. Kənardan o heç görünmürdü, kollar onu tamamilə gizlədirdi.




Altıncı nəğmə


Odisseyin rahat yatdığı vaxt ilahə Afina ona kömək etmək üçün feakiyalıların şəhərinə yollandı. Feakiyalılar lap çoxdan Sheriyada məskən salmış, şəhər tikmiş, qala divarları ucaltmışdılar. Həmin şəhəri hökmdar Alkinoy idarə edirdi.

Afina onun sarayına daxil olaraq hökmdarın gənc qızının yatdığı otağa girdi, onun rəfiqəsinin surətini alaraq yatmış qıza yaxınlaşıb dedi:

– Navsikaya, toyuna az qalıb, amma sən heç bir hazırlıq görmürsən. Halbuki sənin cehizlik paltarların, örtüklərin və bənzərsiz parçaların suya çəkilməlidir. Bunun üçün biz gərək çaya gedək. Ona görə də yerindən qalxan kimi atana de ki, sənə at arabası versin, biz bütün parçaları ona yerləşdirərik.

Navsikaya ayılan kimi gecə gördüyü yuxuya təəccübləndi. Valideynlərinin yanına tələsib atasına dedi:

– Ata, mənə böyük araba verilməsini əmr et, özümün, sənin və qardaşlarımın paltarlarını aparıb çayda yumaq istəyirəm.

Navsikaya qarşıdakı toy barəsində heç bir söz deməsə də, atası məsələnin nə yerdə olduğunu anladı və böyük bir arabanın hazırlanması əmrini verdi. Araba hazır olan kimi parça və paltarlar arabaya yükləndi, gənc şahzadə də arabaya əyləşib atlara qamçı vurdu. Araba yola düşdü. Qulluqçu qızlar da onun arxasınca yola düzəldilər.

Onlar tezliklə çaya çatdılar, arabanın içindəkiləri çayın suyu zəif axan yerinə boşaltdıqdan sonra paltarlarının ətəklərini əllərinə yığıb suya girdilər və şən əhvali-ruhiyyə ilə gətirdiklərini yumağa başladılar. Hər şeyi yuyub tərtəmiz etdikdən sonra qurutmaq üçün günün altına sərdilər və topla oyun oynamağa başladılar. İlahə Afina istəyirdi ki, Odisseyi məhz Navsikaya atasının evinə aparsın. Ona görə də qızlardan biri topu o birinə atarkən ilahə topu çaya tərəf yönəltdi. Top şappıltı ilə suya düşəndə qızlar səs-küy salaraq Odisseyi yuxudan ayıltdılar.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289703) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Tiran – ölkəni zorakılıqla idarə edən hökmdar, diktator




2


Amazonlar – qədim yunan mifologiyasında yalnız qadın döyüşçülərdən ibarət olan tayfa




3


Egist – Mikena hökmdarı Atreyin qardaşı oğlu; həddi-büluğa çatanda Atreyi öldürdüyünə görə onun oğulları Aqamemnon və Menelay tərəfindən Mikenadan qovulmuş, qardaşlar Troyaya yollandıqdan sonra Aqamemnonun arvadı Klitemnestranı yoldan çıxarıb Aqamemnonu qətlə yetirmişdir. Orest atasının intiqamını alaraq anasını və Egisti öldürmüşdür.




4


Siklop – qədim yunan mifologiyasında təkgözlü div; ehtimal olunur ki, Homer bu obrazı oğuz mifologiyasındakı Təpəgöz obrazından götürüb.




5


Kifara – qədim yunan simli musiqi aləti; kifarada yalnız kişilər ifa edərdilər.




6


Gərdunə – cəng arabası




7


Stiks – qədim yunan mifologiyasına görə, yeraltı səltənətdən axan çay; Stiks həm də ilahə sayılır və o öz övladları ilə birlikdə Zevsə atasına qarşı apardığı müharibədə ən birinci kömək edənlərdən olmuşdur. Buna görə də Zevs ona and içilmək hüququnu verir. Stiksin sularına and içmiş ilah öz andını tutmazsa, onda düz birilllik yuxuya gedir və doqquz il müddətinə Olimpdən qovulur.



Antik ədəbiyyatın ən görkəmli nümayəndələrindən olan Homerin ikinci poemasında – “Odisseya”da İtakalı Odisseyin məmləkətindən didərgin düşüb iyirmi ildən sonra vətəninə dönməsindən bəhs edir.

Как скачать книгу - "Odisseya" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Odisseya" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Odisseya", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Odisseya»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Odisseya" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги серии

Книги автора

Аудиокниги автора

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *