Книга - Dəfinələr adası

a
A

Dəfinələr adası
Robert Lyuis Stivenson


Dünya ədəbiyyatından seçmələr
Cim Hokinsin tapdığı xəzinə xəritəsinin üzərinə çəkilmiş üç xaç işarəsindən sonuncunun yanında bu sözlər yazılmışdı: “Dəfinənin əsas hissəsi buradadır”. Bununla da Cimin macəra dolu axtarışları başlayır!





Robert Luis Stevenson

DƏFİNƏLƏR ADASI





Skvayr[1 - Skvayr – ingilis zadəgan titulu] Treloni, həkim Livsi və başqalarının təkidi ilə Dəfinələr adası haqqında bütün bildiklərimi yazmağı qərara aldım. Amma adanın dəqiq yerini söyləməyəcəyəm. Çünki dəfinənin bir hissəsi hələ də oradadır.

Beləliklə, qələmi əlimə alıb xəyalən atamın "Admiral Benbou" mehmanxanasını saxladığı vaxta qayıdıram.





Qoca dəniz canavarı


Mehmanxanamıza üzü günəşdən yanmış, yanağında qılınc çapığı olan yaşlı bir dənizçi sığınmışdı. Dənizçinin ağır addımlarla qapımıza yaxınlaşmağı indi də gözümün qabağındadır. Gözü əl arabasında gətirilən sandığında idi. Bu, ucaboylu, yekəpər, yaşlı bir kişi idi. Tünd-qara saçlarının yağlı hörüyü kirli mavi kaftanın yaxalığına düşmüşdü. Əlləri yara izləri ilə dolu, dırnaqları kirli və didik-didik idi. Bu yad adam fit çala-çala ətrafı gözdən keçirirdi. Birdən yoğun və xırıltılı səslə köhnə bir dənizçi mahnısı oxumağa başladı.

Bir ölünün sandığına on beşi getdi qurban.
Ho-ho-ho, bir şüşə də rom.

Yaxınlaşıb lingəbənzər əlağacı ilə qapımızı itələyib açdı, atamı görən kimi kobud sözlərlə içki istədi. Gətirilən romu içə-içə ətrafı gözdən keçirməyə başladı.

– Gözəl bir liman, xoş bir mehmanxana. Müştəriniz çoxdurmu, dostum?

Atam cavab verdi ki, xeyr, təəssüf ki, çox deyil.

– Nə olar… bura mənə əl verir.

– Hey, dost! – əl arabasını gətirən adamı çağırdı.– Bura gəl, sandığı yuxarı çıxarmağa kömək et. Bir müddət burada qalacam… Adımı soruşursunuz? Məni eləcə "kapitan" deyə çağıra bilərsiniz… Hə, nə istədiyinizi bilirəm. Alın! – deyə piştaxtanın üstünə üç, ya dörd qızıl pul atdı.

Sonra da yüksəkrütbəli adam kimi atamı süzərək kobud bir tərzdə:

– Qurtaranda gəlib yenə istəyə bilərsiniz, – dedi.

Pal-paltarının köhnə olmasına baxmayaraq, davranışından adi bir dənizçiyə deyil, doğrudan da, kapitana, ya şturmana bənzəyirdi.

O bütün günü mis durbini ilə dənizin kənarında və ya qayaların üstündə dolaşardı. Axşamlar da böyük otaqda ocağın qırağında oturub rom içərdi. Gəzintidən qayıdan kimi hər hansı bir dənizçinin gəlib-gəlmədiyini soruşardı. Əvvəlcə elə bilirdik ki, o özünə yoldaş axtarır, sonra başa düşdük ki, dənizçilərin gözünə görünməməyə çalışır. Hər hansı bir dənizçinin yolu bu tərəflərə düşdükdə onu pərdənin arxasından izləyərdi. Onların yanında siçan kimi sakit durardı.

Mən kapitanın təşvişinin səbəbini bilirdim. O özü mənə danışmışdı. Hər ay mənə dörd pens gümüş pul verirdi ki, gözdə-qulaqda olum, bu ətrafda tayqıç dənizçi görsəm, gəlib ona xəbər verim. Mən də tayqıç dənizçini dörd gözlə axtarırdım. Gecələr yuxuma da girirdi. Yuxuda o, dəhşətli divə bənzəyirdi. Bu div bədəninin ortasına yapışmış tək ayağı ilə çəpərlərin, arxların üstündən hoppanaraq məni qovurdu.

Kapitan aşxanada oturar, çoxlu içki içər, dənizçi mahnıları oxuyardı. Arabir adamları öz stoluna dəvət edər, onlara qorxunc dəniz hekayətləri danışardı. Adamlar həm onun özündən, həm də danışdıqlarından qorxub tir-tir əsirdilər. Dar ağacından asılan adamlar, dənizdəki fırtınalar, tısbağa adaları, Şimali Amerikadakı quldur yuvaları haqqında hekayələri adamları dəhşətə gətirirdi.

Hamı onu diqqətlə dinləməli, sözünü kəsməməli idi, yoxsa özündən çıxırdı. Sual verməyəndə də əsəbiləşirdi, deməli, onu dinləmirlər. Ancaq keflənib yuxuya getdikdən sonra adamlar yavaş-yavaş durub dağılışırdılar.

Atam bu adamın axırda bizi müflis edəcəyini deyirdi. Olan-qalan müştərilərimizin də bizdən üz döndərəcəyindən qorxurdu. Atam, deyəsən, haqlı idi. Bu adam getmək haqqında düşünmürdü. Artıq həftələr, aylar keçmişdi, verdiyi pul çoxdan qurtarmışdı, o, əlavə bir şey vermir, atam isə istəməyə cəsarət etmirdi. Xərclik barədə söz salan kimi kapitan elə fısıldayırdı ki, atam onun qəzəbli baxışlarına davam gətirməyib otaqdan çıxırdı. Hətta atamın vaxtsız ölümünə də bu qorxu və vahimənin səbəb olduğunu düşünürəm.

Heç vaxt nə məktub yazmazdı, nə də ona məktub gəlməzdi. Heç kimlə oturub söhbət etməzdi, ancaq bərk sərxoş olanda danışardı. Bir şey də diqqətimi cəlb etmişdi ki, heç vaxt başqalarının yanında sandığını açmazdı və heç kimə bu sandığa yaxın getməyə icazə verməzdi.

Tək bircə dəfə kapitana etiraz bildirməyə cəsarət etmişdilər. Bu hadisə yazıq atamın vaxtsız ölümündən bir neçə gün əvvəl baş vermişdi.

Bir axşam həkim Livsi xəstə atamı müayinə etdikdən sonra anamın təklif etdiyi naharı tələsik yeyib atının gətirilməsini gözləyirdi. Çubuq çəkmək üçün aşağı, ümumi otağa endi. Mən də onun ardınca getdim. Başında dümağ pariki olan şıq geyimli həkimin gözəl kübar davranışları məni həmişə heyran edirdi. O bizim aşxanaya gələn kənd camaatından kəskin fərqlənirdi. İndi mehmanxanamızda məskən salmış kirli, kobud, yekəpər dənizçi ilə isə tam təzad təşkil edirdi.

Həkim atını gözləyərkən kapitan sərxoş halda stola söykənərək oturmuşdu. Birdən oxumağa başladı:

Bir ölünün sandığına on beşi getdi qurban.
Ho–ho–ho, bir şüşə də rom!
İç, iç, onsuz da səni yıxacaq şeytan.
Ho–ho–ho! Bir şüşə də rom!

Həkim Livsi mahnını ilk dəfə eşidirdi və onun üzünə baxanda bundan heç də xoşlanmadığını hiss etdim. Həkim bağban Teylorla revmatizmin yeni müalicə üsulu barədə söhbət edir və tez-tez mahnı oxuyan kapitana tərs-tərs nəzər salırdı. Kapitan isə öz mahnısını mızıldayırdı. Birdən əlini masaya çırpdı. Demək istəyirdi ki, sakit olun, səsiniz çıxmasın. Hər kəs susdu. Tək həkim Livsi öz xoş söhbətini uca səslə davam etdirir və aramla çubuğunu çəkirdi. Kapitan qəzəblə ona baxdı, sonra yenə yumruğunu stola çırpıb qışqırdı:






Qoca kapitan gәmiçi bıçağını açaraq hәkimi hәdәlәmәyә başladı.



– Hey, oradakılar, səsinizi kəsin!

Həkim soruşdu:

– Ser, siz mənimləsiniz?

Kapitan "bəli" dedikdə həkim:

– Ser, sizə ancaq onu deyə bilərəm ki, sərxoşluğunuzdan əl çəkməsəniz, tezliklə yer üzü əclafların birindən azad olacaq.

Qoca kapitan hirsindən sanki ağlını itirdi, yerindən sıçrayıb gəmiçi bıçağını açaraq həkimi hədələməyə başladı. Həkim isə halını pozmayıb qəti səslə dedi:

– O bıçağı bu dəqiqə cibinizə qoymasanız, namusuma and içirəm ki, tezliklə dar ağacında yellənəcəksiniz.

Onlar bir-birini baxışları ilə əzirdilər. Lakin kapitan geri çəkildi. Bıçağını gizlədib döyülmüş köpək kimi mırıldaya-mırıldaya yerinə qayıtdı. Həkim sözünə davam etdi:

– Nəzərinizə çatdırıram ki, mən yalnız həkim deyiləm, həm də hakiməm. Burada belə bir rəzil insanın olduğunu bilmirdim. Əgər qulağıma sizdən kiçik bir şikayət belə gəlsə, namusuma and içirəm ki, bu yerlərdən sürgün olunacaqsınız. Bunu yaxşı bilin.

Az sonra həkim Livsinin atını gətirdilər. O da minib getdi. Axşam kapitan çox içsə də, özünü sakit apardı. Heç bir hadisə baş vermədi.




Qara Köpək


Yanvar ayının şaxtalı bir səhəri idi. Kapitan həmişəkindən tez qalxıb sahilə yollanmışdı. Yeridikcə köhnə kaftanının altındakı xəncəri atılıb-düşürdü. İri addımlarla irəliləyərək böyük qayanın arxasında gözdən itdi.

Anam yuxarıda atamın yanında idi. Mən isə kapitan üçün səhər süfrəsini hazırlayırdım. Birdən qapı açıldı və içəri bir adam girdi. Onun rəngi solğun idi. Sol əlinin iki barmağı yox idi. Belindən xəncər asılsa da, davakar adama oxşamırdı. Bu adam nədənsə məni bərk təşvişə saldı.

Nə lazım olduğunu soruşdum. Rom tələb etdi. Sifarişini yerinə yetirmək üçün otaqdan çıxmaq istəyirdim ki, yenidən məni yanına çağırdı.

– Bu süfrəni mənim dostum şturman Billi üçünmü hazırlayırsan? – deyə soruşdu.

– Dostunuz Billini tanımıram, amma süfrəni "kapitan" deyə çağırdığımız kirayənişinimiz üçün hazırlayıram.

– Çox gözəl. Elə mənim dostum şturman Billiyə də kapitan demək olar. Onun yanağında çapıq var, eləmi? İndi bilmək istəyirəm, Billi evdədirmi?

– Yox, gəzməyə çıxıb, – dedim.

– Oğul, hansı tərəfə gedib?

Barmağımla böyük qayalığı göstərdim və dedim ki, yəqin, indilərdə qayıdar.

– Hə, mənim gəlişim dostum Billini çox sevindirəcək. Amma kapitana qarşı yaxşı niyyətdə olmadığı hiss olunurdu.

Yad adam çöl qapısının ağzını kəsdirmişdi, bir gözü də eşikdə idi. Elə bil pişikdi, siçan güdürdü. Həyətə çıxmaq istəyirdim ki, məni geri çağırdı. Mən gec tərpənəndə onun hirsindən sifəti sanki qıc oldu, elə qışqırdı ki, qorxudan geriyə sıçradım. Amma yenidən əvvəlki kimi mənimlə yaltaqcasına mehribanlıq edirdi. Ürəyinə yatdığımı, hətta oğluna bənzədiyimi söylədi.

– Oğlan uşağı gərək hər şeydən əvvəl böyüyün sözünə qulaq assın. Sən Billi ilə birlikdə dənizə çıxmış olsaydın, bunu başa düşərdin. Billi heç vaxt bir əmri iki dəfə təkrar etməzdi. Bax, odur, mənim şturmanım Billi özü də gəlir. Gəl biz də zala keçək.

Bu sözlərlə o məni qabağına qatıb ümumi otağa apardı və qapının dalında küncə sıxışdırdı. Mən, əlbəttə, təlaşa düşdüm. Onun da tez-tez udqunaraq qorxduğunu görəndə vahimə hissi məni lap üstələdi.

Nəhayət, kapitan içəri girdi. Yad adam:

– Billi! – deyə ötkəm səslə bağırdı.

Kapitan geri döndü və bizimlə üzbəüz gəldi. Onun sifəti avazıdı, qarşısında kabus görürmüş kimi dayandı. Bir anda elə bil qocaldı və elə büzüşdü ki, mənim ona yazığım gəldi.

Yad adam dilləndi:

– Billi, yoxsa məni tanımırsan? Doğrudanmı, öz köhnə dostunu unutmusan?

Kapitan ağzını açdı, sanki nəfəsi çatmırdı:

– Ay səni, Qara Köpək!

Yad adam daha rahat və əmin səslə:

– Özüdür ki var! Qara Köpək öz köhnə dostunu "Admiral Benbou" mehmanxanasında görməyə gəlmişdir. Eh, Bill, Bill, biz səninlə nələr yaşamadıq! Bu iki barmağımı itirən gündən nələr baş vermədi…

Kapitan:

– Mənə bax, sən məni izləyib tapdın. İndi sənin qarşındayam. De görüm, məndən nə istəyirsən?

– Sən düz deyirsən. Bu cavan oğlan mənə bir qədəh konyak gətirsin. Biz də səninlə köhnə dostlar kimi səmimi söhbət edək.

Mən bir şüşə konyak gətirdim, onlar artıq kapitan üçün hazırladığım süfrə arxasında oturmuşdular.

Qara Köpək qapıya yaxın oturmuşdu. Əmr etdi ki, qapını açıq qoyum və otaqdan çıxım. Mən onları ikilikdə qoyub çıxdım və piştaxta dalına keçdim.

Uzun müddət nə qədər içəriyə qulaq versəm də, bir şey eşidə bilmədim. Bir azdan onlar ucadan danışmağa başladılar və nəhayət, mən tək-tək sözləri, əsasən də, söyüşləri eşitməyə başladım. Sonra birdən gurultu, hay-həşir qopdu. Stol, skamya gurultu ilə yerə aşdı, polad tiyələr cingildədi, kimsə bağırdı və həmin dəqiqə Qara Köpəyi qapıya doğru qaçan gördüm. Onun sol çiynindən qan axırdı. Qara Köpək bir göz qırpımında qapıdan çıxıb yola sıçradı. Yaralı olsa da, çox tez qaçırdı. Tez bir zamanda təpənin dalında gözdən itdi.

Kapitan ağlını itirmiş kimi dayanıb onun ardınca baxırdı. Birdən qışqırdı:

– Cim, mənə rom ver.

Bu sözləri deyərkən bir az səndələdi və əlini divara söykədi. Mən qışqırdım:

– Siz yaralısınız?

– Rom, – deyə təkrar etdi, – mən buranı tərk etməliyəm.

Qədəhə rom süzmək istəyirdim ki, ağır bir şeyin gurultu ilə yerə sərildiyini eşitdim. Tez içəri cumdum, kapitanın döşəmədə uzanıb qaldığını gördüm. Çığır-bağırı eşidən anam qorxmuş halda aşağı endi. Biz kapitanın başını qaldırdıq. O ağır-ağır nəfəs alırdı.

– Aman Allah, biabır olduq, tərslikdən yazıq atan da xəstədir, – deyə anam çığırdı.

Biz bilmirdik kapitana necə kömək edək. Düşünürdüm ki, yad adamla döyüşdə ölümcül yaralanmışdır. Mən rom gətirib onun boğazına tökməyə çalışdım.






Qara köpәk bir göz qırpımında qapıdan çıxıb yola sıçradı. Yaralı olsa da, çox tez qaçırdı.



Bu vaxt qapı açıldı. Xoşbəxtlikdən içəri atamı yoluxmağa gəlmiş həkim Livsi girdi.

Biz qışqırdıq:

– Həkim, kömək edin. Baxın harasından yaralanıb?

Həkim kapitana diqqətlə nəzər salıb dedi:

– Yaralanıb? Boş sözdür. Bu, içki tutmasıdır. Mən onu xəbərdar etmişdim. Miss Houkins, siz ərinizin yanına qalxın, ancaq ona heç nə deməyin. Cim, sən də bir ləyən tap, mən bu yaramazı özünə gətirim.

Mən ləyəni gətirəndə həkim onun qolunu çırmalamışdı. Qolunda bir neçə döymə şəkil, çiynində "Uğur olsun", "Yaxşı yol" və "Bill Bonsun arzusu yerinə yetsin" sözləri aydın görünürdü. Bədəninin çiyninə yaxın yerində dar ağacından asılmış adam şəkli həkk olunmuşdu. Onu da deyim ki, şəkil çox böyük ustalıqla çəkilmişdi.

Həkim şəklə toxunaraq dedi

– Hə, deməli, adın Bill Bonsdur. Görək qanın nə rəngdədir? Cim, sən qandan qorxmursan ki?

– Yox, cənab, qorxmuram.

– Lap əla! Onda ləyəni tut.

O, lanseti götürüb şah damarı çərtdi. Bir xeyli qan axdıqdan sonra kapitan gözlərini açdı. Həkimi tanıyan kimi qaşları çatıldı. Məni görüncə isə bir az sakitləşdi. Birdən üzünün rəngi dəyişdi və çığırdı:

– Qara Köpək necə oldu?

Həkim dedi:

– Burada köpək-zad yoxdur. Sən çox içmisən, bu, içki tutmasıdır. Ancaq bil ki, mən istəməsəm də, səni ölümdən qurtarmışam. Hə, cənab Bons…

– Bu mənim adım deyil, – kapitan onun sözünü kəsdi.

– Nə fərqi var. Mənim Bons adlı bir dəniz qulduru tanışım var, asan olsun deyə səni belə çağırdım. İndi isə deyəcəklərimi yadında yaxşı saxla. Bir stəkan rom içsən, səni öldürməz, amma dalbadal bir neçəsini içsən, tez bir zamanda gəbərəcəksən. İndi yerdən qalxmağa çalış, yatağına kimi mən sənə kömək edərəm.

Birlikdə böyük çətinliklə onu yatağa uzatdıq. Taqətsiz, huşsuz halda yatağın üstə düşdü.

Doktor mənim qolumdan tutub atamın otağına doğru apararaq dedi:

– Boş şeydir, kapitan sağ qalacaq. Ancaq o qədər qan aldım ki, uzun müddət sakit dolanasıdır. Bir həftəyə kimi yataqda qalmağının həm sizə, həm də özünə xeyri var. Amma ikinci tutmadan salamat çıxa bilməyəcək.




"Qara nişan"


Günortaya yaxın kapitana sərinləşdirici içki və dərman apardım.

Kapitan:

– Cim, – dedi, – burada səndən etibarlı adam yoxdur. Bilirsən ki, səni çox istəyirəm. Dostum, indi mənim vəziyyətim çox pisdir. Mənə bir qədəh rom verərsən, eləmi?

– Axı həkim…

– Həkimlərin dənizçilərdən nə başı çıxır? Mən qır tiyanı kimi qaynayan elə isti ölkələrdə olmuşam ki, orada insanlar qızdırmadan qırılır, zəlzələlər isə torpağı dəniz dalğası kimi çalxalayır. Orada mən ancaq romla keçinmişəm. Cim, bir bax gör əllərim necə əsir. Əgər rom içməsəm, halım pis olacaq. Artıq məni qara basır. Sizin həkim özü dedi ki, bir stəkan rom mənə zərər verməz. Cim, bir qab roma bir qızıl pul verirəm.

Həkimin sözləri mənim də yadıma düşdü, bir az ürəkləndim. Kapitana dedim:

– Sizin pulunuz mənə lazım deyil. Atama olan borcunuzu verin, bir stəkan rom gətirərəm. Ancaq bu, axırıncıdır.

Bir stəkan rom gətirdim, o, bunu bir udumla başına çəkdi.

– Hə, bu yaxşı oldu, gözümə işıq gəldi. Həkim yataqda nə qədər qalacağımı söylədi?

– Ən azı bir həftə.

– Ay sənin evin yıxılsın, – deyə bağırdı. – Əgər bir həftə burada qalsam, mənə "qara nişan" göndərərlər… Bu israfçılar öz pullarını göyə sovurublar, indi başqasının malına göz dikiblər. Əsl dənizçi belə şey etməz. Mən həmişə pulun qədrini bilmişəm, bədxərclik etməmişəm. Qazandıqlarımı da indi itirmək istəmirəm. Yox, mən qorxmuram. Onları yenə azdıracağam.

Bu sözləri deyib kapitan çətinliklə dikələrək çarpayıda oturdu:

– Bu həkim məni lap üzdü, qulaqlarım uğuldayır. Cim, sən o dənizçini gördünmü? O, çox pis adamdır, ancaq onu bura göndərənlər ondan da pisdirlər. Əgər mən buranı tərk etməsəm, "qara nişan" göndərəcəklər. Bil ki, onlar mənim sandığımı ələ keçirmək istəyirlər. Mən qoca Flintin birinci şturmanı idim. O, ölüm yatağında yatarkən hər şeyi mənə açıb danışdı. İndi onlar mənim üstümə ya Qara Köpəyi, ya da tayqıç dənizçini göndərəcəklər. Cim, sən ən çox o tayqıçdan özünü gözlə.

– Bəs o "qara nişan" nədir, kapitan?

– Bu, çağırış vərəqi kimi bir şeydir, dostum. Orada yazılana əməl etməsən, səni harada olsan taparlar. Sən gözdə-qulaqda ol! Söz verirəm ki, hər şeyimi səninlə tən yarı böləcəyəm.

Bu söhbətdən sonra necə hərəkət edəcəyimi bilmirdim. Doğrusu, qorxurdum ki, kapitan sirrini mənə açdığından peşman olub, nə vaxtsa məni öldürəcək. Fikirləşirdim ki, bu sirri həkimə açım, lakin gözlənilmədən vəziyyət dəyişdi. Həmin axşam mənim zavallı atam öldü və mən hər şeyi unutdum. Dərd məni üstələdi, qonşuların get-gəli, dəfn mərasimi, mehmanxanadakı iş-güc başımı elə qatdı ki, kapitan barədə düşünməyə, ondan qorxmağa bir an belə vaxtım olmadı.

Atamın dəfninin ertəsi günü dumanlı və şaxtalı bir gün idi. Axşamüstü çöl qapısının kandarında oturub qüssə ilə atamı düşünürdüm. Birdən bir nəfərin yavaş-yavaş mehmanxanamıza sarı gəldiyini gördüm. Yəqin ki, kor idi, çünki əlağacını yerdə gəzdirə-gəzdirə irəliləyirdi. Qocalıqdan və xəstəlikdən ikiqat olmuş bu adam əynindəki cındır papaqlı dənizçi plaşı ilə çox eybəcər görünürdü. O, mehmanxananın yaxınlığında durub səsini yüksəldərək boşluğa müraciətlə dedi:

– Mən vətənim İngiltərəni qoruyarkən gözlərindən məhrum olmuş bir koram. Burada mənə harada olduğumu deyəcək bir adam varmı?

Mən dedim:

– Möhtərəm yolçu, siz Qara Təpə limanında "Admiral Benbou" mehmanxanasının yanında dayanmısınız.

– Mən cavan bir səs eşidirəm. Əlimdən tutub məni bu evə apararsanmı, xeyirxah oğlan?

Mən əlimi uzatdım. Bu kor məxluq əlimdən kəlbətin kimi yapışdı. O qədər qorxdum ki, istədim qoyub qaçım. Ancaq o məni özünə tərəf çəkib dedi:

– Hə, oğlan, indi məni birbaş kapitanın yanına apar.

– Ser, – dedim, – vicdan haqqı, mən heç nə bilmirəm…

– Boş-boş danışma! Bu saat məni onun yanına aparmasan, əlini burub qıraram.

O, öz dəmir əlləri ilə əlimdən, çiynimdən yapışdı:

– Məni birbaşa onun yanına apar, elə ki qarşısına çatdıq, de ki, "Billi, budur, sizin dostunuzu gətirmişəm". Əgər dediyimi eləməsən…

Bunu deyib əlimi elə burdu ki, ağlım başımdan çıxdı. Zalın qapısını açıb korun dediyini etdim.

Bizi görəndə zavallı kapitanın gözləri bərəldi. Bir andaca şərabın təsiri keçdi. Üzündə müdhiş bir vahimə göründü. Ayağa qalxmaq istədi, amma bacarmadı.

Kor dedi:

– Billi, yerindən tərpənmə. Səni görməsəm də, barmaqlarının tərpəndiyini belə hiss edə bilirəm. Gəl işə keçək. Sağ əlini mənə ver.

Kapitanın yerindən qımıldanmadığını duyub mənə müraciətlə:

– Oğlan, onun sağ əlini qaldır və mənim sağ əlimə ver, – dedi.

Mən onun əmrini yerinə yetirdim. Kapitan müqavimət göstərmirdi. Kor qonaq kapitanın ovcuna nə isə basdı. Kapitan da dərhal əlini yumdu. Kor kişi:

– Hə, biz işimizi gördük, – deyib əlimi buraxdı və kora yaraşmayan bir cəldliklə eşiyə sıçrayıb yola düzəldi.

Bir xeyli keçəndən sonra biz özümüzə gəldik. Ka- pitan ovcundakı şeyə baxdı.

– Düz saat onda! – deyə çığırdı. – Altı saat qalır. Biz onlara göstərərik.

O, yerindən sıçradı, amma dərhal səndələdi, əlini boğazına apardı. Xırıltılı səs çıxararaq döşəmənin üzərinə sərildi.

Mən anamı köməyə çağırdım. Ancaq artıq gec idi. Kapitan beyninə qan sızmasından keçinmişdi. Bu adamdan xoşum gəlməsə də, uzun müddət göz yaşı töküb ağladım.




Dənizçi sandığı


Əlbəttə, mən bütün bildiklərimi anama söylədim. Biz çox təhlükəli vəziyyətə düşmüşdük. Əgər kapitanın pulu var idisə, onun bir hissəsi bizə çatmalı idi. Ancaq onun qəddar yoldaşları öz qənimətlərindən keçməzdilər. Mən anamı tək qoyub atla həkimin dalınca gedə bilməzdim. Biz bir qərar verməli idik. Vəziyyət çox təhlükəli idi. Bir yerdə qonşuluqdakı kəndə gedib kömək istəməyi qət etdik. Kənd evimizdən görünməsə də, çox uzaq deyildi.

Kəndə çatanda artıq toran düşmüşdü. Pəncərələrdən düşən şam işığı bizi bir qədər sakitləşdirdi. Lakin kənddən heç kim bizimlə "Admiral Benbou" mehmanxanasına getmək istəmədi. Biz həyəcanımızı bildirdikdə onlar daha da qorxdular. Kapitanın tez-tez yada saldığı Flintin adı burada çoxlarına tanış idi və hamını vahiməyə salırdı.

Anam kənd əhlindən heç kimin bizimlə getmək istəmədiyini görüb özünü sındırmadı və biz təklikdə geri dönməli olduq. Adamlar arxamızca çığırdılar ki, biz ağılsız iş görürük. Amma kişilərdən heç biri bizi ötürməyi belə təklif etmədi. Köməkləri ancaq bundan ibarət oldu ki, mənə dolu bir tapança verdilər və vəd etdilər ki, bir yəhərli at saxlayacaqlar. Əgər quldurlar bizi təqib etsələr, minib aradan çıxa bilək. Cavanlardan biri isə jandarm dəstəsini köməyə çağırmaq üçün doktor Livsinin ardınca getdi.

Evimizə qayıdanda ürəyim şiddətlə çırpınırdı. İçəri girən kimi anam tez şam yandırdı, bir-birimizin əlindən tutub salona girdik. Kapitan arxası üstə, gözləri açıq halda döşəmədə sərilib qalmışdı.

Anam:

– Cim, pərdələri sal! Onlar bizi pəncərədən güdə bilərlər. Sandığın açarlarını axtarıb tapmalıyıq.

Kapitanın yanında dizi üstə oturdum. Ovcunun içində sıxdığı kağızı götürdüm. Kağızda aydın xətlə yazılmışdı: "Axşam saat ona qədər sənə möhlət veririk".

– Ana, bizim saat ona kimi vaxtımız var, – dedim.

Anam dedi:

– Cim, yubanma, ciblərini axtar.

Kapitanın ciblərini bir-bir axtardım. Bir neçə xırda pul, sap, yoğun bir iynə, kağıza bükülü bir parça tütün, əyri dəstəkli bıçaq, kompas, çaxmaqdaşı – tapdıqlarım ancaq bunlar idi. Mən artıq ümidimi itirməyə başlamışdım.

Anam dedi:

– Bəlkə, boynundan asıb?

Canımı dişimə tutub köynəyinin yaxasını cırdım. Açar, doğrudan da, boynundan asılmışdı. İpi onun öz bıçağı ilə kəsib açarı götürdükdən sonra tələsik kapitanın neçə aydan bəri yaşadığı darısqal otağa qalxdıq.

Sandıq gəldiyi gündən burada idi. Üzərində "B" hərfi həkk olunmuşdu. Çox köhnə, rəngi solmuş bir sandıq idi.

Anam açarı məndən alıb çətinliklə də olsa, qıfılı açdı.

Ən üstə yaxşıca təmizlənmiş və ütülənmiş kostyum var idi. Kostyumun altında xırda-para şeylər var idi: tənəkə, su parçı, tənbəki, iki ədəd gözəl tapança, bir külçə gümüş, qədim qol saatı, mis sağanaqlı iki kompas, beş-altı qəribə balıqqulağı. Sandığın dibində köhnə bir dənizçi plaşı var idi. Anam tələsik onu da çıxarıb atdı. Daha sonra müşəmbəyə bükülmüş bir bağlama və bir dənə də bez torba çıxardıq. Bağlamanın içindəki, deyəsən, kağız-kuğuz idi, Torbaya toxunan kimi cingilti eşidildi. Qızıla oxşayırdı. Anam acıqla dilləndi:

– Mən bu quldurlara necə namuslu bir qadın olduğumu sübut edəcəyəm. Ancaq öz borcumu götürəcəyəm. O torbanı bəri tut.

Anam pulları çıxarıb saymağa başladı. Bu, çox çətin bir iş idi, çünki burada müxtəlif ölkələrin pulları var idi. Bizə tanış olan gineya isə az idi. Onu seçmək vaxt aparırdı.

Kapitanın bizə olan borcunun heç yarısını saymamışdıq ki, mən anamın qolundan yapışdım. Sakit şaxtalı havada eşitdiyim səsdən damarımdakı qan dondu. Bu səs donmuş yerə dəyən korun çəliyinin səsi idi. Səs yaxınlaşırdı, biz də nəfəsimizi qısıb dinləyirdik. Mehmanxananın qapısına bərk bir zərbə dəydi, sonra dəstəyi əlləşdirdilər, cəftə cingildədi, kor içəri girmək istəyirdi. Bir az sonra səs-səmir kəsildi. Nəhayət, uzaqlaşan ağac tappıltısı eşidildi. Səsin tam kəsilməsi bizi bir qədər sakitləşdirdi.

Mən dedim:

– Ana, pulları yığışdır, götür, qaçaq.

Anamın qorxudan rəngi avazısa da, artıq pul götürmək istəmir, amma aza da razı olmurdu. O deyirdi ki, saat hələ heç yeddi deyil, vaxta var. Birdən təpənin başından fit səsi gəldi. Anam cəld ayağa qalxaraq dedi:

– Mən yalnız saydıqlarımı götürəcəyəm.

– Mən də hesab düz olsun deyə bunu götürüm, – deyib müşəmbəyə bükülmüş kağız-kuğuzu qamarladım.

Tez şamı söndürüb qaranlıqda birtəhər eşiyə çıxdıq. Qaçmağa başladıq. Bəxtimizdən ətrafı sıx duman bürümüşdü. Ancaq yolun yarısında ay işığı zolağına düşdük. Elə bu zaman yaxınlaşan ayaq səsləri eşidildi.

Birdən anam dedi:

– Oğlum, sən pulları götür, qaç. Mənim halım xarabdır.

Əlbəttə, anamı yolun ortasında ata bilməzdim. "Hər ikimiz məhv olduq", – deyə düşündüm. Xoşbəxtlikdən yolumuz bir körpünün yanından keçirdi. Anam səndələyirdi. Bilmirəm haradan mənə güc gəldi, anamı sürüyə-sürüyə körpünün altına saldım. Körpü çox alçaq idi. Biz körpünün lap altına süründük. Bu yer mehmanxananın beş-on addımlığında idi.




Korun ölümü


Görünür, maraq qorxudan üstündür. Mən bir yerdə qərar tuta bilmirdim. Yavaşca körpünün altından çıxıb bir kolun dalında gizləndim. Buradan mehmanxananın yolu aydın görünürdü. Təzəcə yerimi rahatlamışdım ki, yeddi-səkkiz nəfərin gəldiyini gördüm. Əlində fənər tutmuş adam qabaqda gedirdi. Ardınca üç nəfər əl-ələ tutmuşdu. Ortadakını tanıdım, kor dilənçi idi.

O qışqırdı:

– Qapını sındırın!

Qapının açıq olması onları təəccübləndirdi.

– Evə, evə girin, – yenidən korun səsi gəldi.

Gələnlərin dörd, ya beş nəfəri içəri girdi, ikisi korla bərabər qapının ağzında dayandı. İçəridən səs gəldi:

– Billi ölmüşdür.

– Biriniz üst-başını axtarın, iki-üç nəfər də sandığın dalınca yuxarı qalxsın, – deyə kor əmr verdi.

Kapitanın pəncərəsi taybatay açıldı, şüşələr qırılıb aşağı səpələndi. Pəncərədən bir nəfər bizə tərəf boylandı. Ay işığında onun başı aydın görünürdü.

– Hey, Pyu, kimsə bizdən əvvəl buraları axtarmışdır, sandığın altını üstünə çevirmişdir.

Pyu bağırdı:

– O şey yerindədir?

– Pullar buradadır.

Kor qışqırdı:

– Pul cəhənnəmə, mən Flintin kağızlarını soruşuram.

– Kağız gözümə dəymir.

– Ey, aşağıdakılar, meyidin üstünü axtarın, – deyə kor yenidən bağırdı.

Bir azdan kapitanın meyidini axtaranlar mehmanxananın qapısında göründülər:

– Onu bizdən qabaq ələk-vələk ediblər. Bizə bir şey qalmayıb.

– Bizi mehmanxana sahibləri qarət etmişlər. Bu o küçüyün işidir. Heyif ki, mən onun gözlərini oymadım. Onlar bir az əvvəl burada imişlər. Mən gələndə qapı içəridən bağlı idi. Axtarın onları, tapın!

Beləliklə, bizim köhnə mehmanxanada bir vurhavur başladı ki, gəl görəsən. Ancaq hər şey əbəs idi. Sonda quldurlar bir-bir çölə çıxır, bizi tapmadıqlarını deyirdilər. Bu, an uzaqdan fit səsi eşidildi. Bu həmin bizi qorxudan fit səsi idi. Amma bu dəfə iki dəfə fit verdilər. Deyəsən, bu, quldurlar üçün təhlükə siqnalı idi. Onlardan biri dedi:

– Bu, Dekdir. Eşitdiniz, iki dəfə çaldı. Qaçmaq lazımdır.

– Qaçmaqmı, sarsaqlar?! Dek axmaq və qorxaqdır. Onlar yaxında olmalıdırlar. Axtarın!

Bir neçə nəfər könülsüz olaraq ağacların arasını axtarmağa başladı.

Kim isə donquldandı:

– Pullar bizdədir, daha nə lazımdır?

– Görünür, kağızı gizlədiblər, – deyə başqa birisi əlavə etdi, – Pyu, götür pulları, özündən çıxma.

Pyu lap hirsləndi. Quldurların etirazı onu lap dəli etmişdi. Dəyənəyini qaldırıb sağa-sola hərləyərək yoldaşlarının başına endirirdi. Onlar da kora ağızlarına gələni deyir, dəyənəyi əlindən almaq istəyirdilər.

Bu savaş bizi xilas etdi. Savaşın qızğın vaxtı kənd tərəfdən, təpənin üstündən atların tappıltısı eşidildi. Həmin dəqiqə də uzaqda atəş səsi gəldi.

Quldurlar hərəsi bir tərəfə qaçmağa başladı. Yarım dəqiqə keçməmiş Pyu yolun ortasında tək qalmışdı. O, yolu tamam itirdi, dənizə tərəf getmək əvəzinə kəndə sarı qaçmağa başladı.

Təpənin döşü ilə çapan atların səsi lap yaxınlaşırdı. Bu yerdə kor da hiss etdi ki, düz getmir. Bərkdən söyüş söyərək geri döndü və elə o an da yol kənarındakı xəndəyə yuvarlandı. Ancaq tez qalxıb dırmaşaraq yola çıxdı. Bu dəfə isə qabaqda çapan atın düz qabağına düşdü. Atlı onun böyründən ötmək istəsə də, bacarmadı. Atın ayaqları altında qalıb xurd-xəşil oldu. Pyu palçığın içində üzüüstə çevrilib hərəkətsiz qaldı.

Mən yerimdən sıçrayıb atlıları səslədim. Onlar atların cilovunu çəkib durdular. Mən onların hamısını tanıdım. Ən arxada həkim Livsinin dalınca gedən oğlan gəlirdi. O biri atlılar isə sahil mühafizə dəstəsinin atlıları idi.

Pyunun canı o saat çıxmışdı. Anamı kəndə apardıq, üzünə soyuq su vurduqdan sonra bir az özünə gəldi. Keçirdiyi sarsıntılara baxmayaraq, kapitanın pullarından bizə çatacaq məbləği götürə bilmədiyi üçün şikayətlənirdi.

Mühafizə dəstəsinin rəisi Dans atlıları ilə limana çapdı. Amma quldurların gəmisi artıq sahildən aralanmışdı.

Mister Dans dedi:

– Yalnız bir şeydən razıyam ki, cənab Pyu cəzasına çatdı.

Quldurlar evi bərbad hala salmışdılar. Onlar kapitanın pul kisəsindən başqa, bizim kassamızdakı bir neçə gümüş pulu da aparmışdılar.

Mister Dans uzun müddət bir şey başa düşə bilmədi. Buna görə də məni sorğu-suala tutdu:

– Sən deyirsən, pulları yığıb aparmışlar. Houkins, onda məni başa sal görüm, istədikləri başqa nə idi? Məgər ayrı pullar da var?

– Xeyr, ser. Pul üçün gəlməmişdilər. Onların axtardıqları şey burada, mənim yan cibimdədir. Doğrusu, mən bunu etibarlı bir yerə qoymaq istəyirəm.

– Düz deyirsən, oğlum. Ver onu mən gizlədim.

– Mən onu həkim Livsiyə vermək istərdim.

– Lap yaxşı, düz eləyirsən. Gərək mən özüm də onun yanına gedib baş vermiş əhvalat barədə müfəssəl məlumat verim. Gəl bir yerdə gedək.

Biz yola düzəlib həkim Livsinin evinə yollandıq.




Kapitanın kağızları


Bütün yolu çaparaq həkim Livsinin evinə çatdıq. Qapını qulluqçu qız açdı. Həkimin yaxınlıqda, skvayr Treloninin malikanəsində olduğunu söylədi və bizi oraya apardı. Biz içəri girəndə həkimlə skvayr gurhagur yanan ocağın qırağında oturub çubuq çəkirdilər.

Skvayr kübarlara xas təmkin və ləyaqətlə dilləndi:

– Buyurun, mister Dans, axşamınız xeyir.

Həkim də salamlaşdı:

– Axşamınız xeyir, Dans. Cim, dostum, səni də xoş gördük. Siz hara, bura hara?

Mühafizə dəstəsinin rəisi şax dayanıb başımıza gələn əhvalatı təfsilatı ilə onlara danışdı. Skvayr dedi:

– Mister Dans, qəddar quldurun axırına çıxmaqla siz şərəfli bir iş görmüsünüz. Belə adamları tarakan kimi əzmək lazımdır. Zənnimcə, Cim Houkins özü də cəsarətli oğlandır.

Həkim dedi:

– Cim, deməli, onların axtardıqları şey indi səndədir?

– Bəli, budur! – deyib müşəmbəyə bükülü bağlamanı ona uzatdım.

Həkim bağlamanı nəzərdən keçirdi. Üzündən görünürdü ki, açıb içinə baxmaq istəyir. Lakin özünü saxlayıb təmkinlə cibinə qoydu və dedi:

– Skvayr, Dans iş başına qayıtmalıdır. Cim Houkins isə gecəni mənim yanımda qalacaq. Onun etdikləri yaxşı bir şam yeməyinə layiqdir.

– Əlbəttə, Houkins daha böyük mükafata layiqdir, – deyə skvayr Treloni cavab verdi.

Beləcə, mənə bir böyük nimçədə göyərçin qızartması gətirdilər. Çox acmışdım. İştahla yedim.

Həkim skvayrdan soruşdu:

– Flint haqqında eşitmisən?

– O bu vaxta kimi dənizdəki quldurların ən qaniçəni idi. Flintlə müqayisədə Qara Saqqal uşaqdır.

Həkim dedi:

– Yaxşı, onun pulu vardımı?

– Pulumu? – skvayr ucadan soruşdu. – Əgər o, qarət etdiklərini qumarda uduzmayıbsa, onun puluna İngiltərənin ən zəngin adamları belə həsəd apara bilərlər. Ancaq onun pulları harada gizlətdiyini heç kim bilmir.

– Yaxşı, fərz edək ki, Flintin gizlətdiyi dəfinənin yerini göstərən xəritə əlimdəki bağlamanın içindədir. Məncə, mehmanxanaya hücum edən quldurları maraqlandıran yalnız bu ola bilərdi.

– Qulaq asın! – skvayr qışqırdı. – O dəfinənin xəritəsi sizin dediyiniz kimi əlimizdə olsa, mən Bristol gəmiçilərindən bir gəmi kirayəyə alıb sizi də, Houkinsi də özümlə dəfinəni axtarmağa apararam.

Həkim dedi:

– Çox yaxşı, əgər Cim etiraz etmirsə, gəlin bağlamanı açaq.

Bağlamada iki şey var idi: bir dəftər və bağlı bir zərf.

– Əvvəlcə gəlin dəftərə baxaq, – deyə həkim təklif etdi.

Birinci səhifədə cürbəcür cızma-qara sözlər var idi. Sanki kimsə qələminin ucunu yoxlamaq üçün səhifəni qaralamışdı. Amma kapitanın qoluna döydürdüyü "Billi Bonsun arzusu yerinə yetsin", "Şturman, mister U.Bons", "Bəsdir, o qədər rom içdin" kimi mənası anlaşılmayan cümlələr də var idi.

Həkim:

– Bu səhifədən bir şey anlamaq olmur, – deyib o biri səhifəni çevirdi.

Bundan sonrakı on-on iki səhifə mühasibat hesabatlarına oxşar səhifələr idi. Sətrin bir başında tarix, o biri başında isə pulun məbləği qeyd olunmuşdu. Arabir yer adları, uzunluq və en dairələri qeyd olunmuşdu. Tarixlərdən görünürdü ki, bu hesabat təxminən iyirmiillik bir müddətdə aparılmışdı. Lap axırda isə beş və ya altı yanlış hesablama pozulub təzədən düzəldilmiş, nəticə yekunlaşdırılmış və "Bonsun qazancı" sözü yazılmışdı.

Həkim Livsi:

– Mən buradan bir şey başa düşmürəm, – dedi.

– Hər şey gün kimi aydındır! – deyə skvayr dilləndi. Bu həmin yaramazın haqq-hesab dəftəridir. Gəlin indi də o birisinə baxaq.

Zərf bir neçə yerindən möhürlənmişdi. Həkim möhrü üsulluca qırdı. İçindən bir adanın xəritəsi çıxdı. Burada adanın uzunluq və en dairəsini, dənizin sahilə yaxın yerlərində dərinliyi göstərən rəqəmlər, limanların, təpələrin və burunların adları qeyd olunmuşdu.

Ada on beş kilometr uzunluğunda, 8 kilometr enində idi. Özü də dal ayaqları üstünə qalxmış bir əjdahanı xatırladırdı. Hər cür fırtına və qasırğadan qorunan iki körfəz və bu körfəzlərin arasında – "Müşahidə borusu" adlanan bir təpə nəzərimizi cəlb etdi.

Xəritədə sonradan qoyulmuş müxtəlif işarələr var idi. Qırmızı mürəkkəblə edilmiş üç xaç işarəsindən biri adanın şimalında, biri isə cənub-qərbində idi. Üçüncü xaç işarəsinin yanında isə aydın, xırda hərflərlə bu sözlər yazılmışdı: "Dəfinənin əsas hissəsi buradadır".

Xəritənin arxa tərəfində isə izah verilmişdi:



"Müşahidə borusu"nun şimal yamacında uca bir ağac. Şimal-şərq istiqamətində.

Skelet adasında. Cənub-şərqə sarı on fut.

Gümüş külçələr. Şimal cinahdakı çalada, şərq tərəfdəki təpənin döşündədir. Üzü qayaya sarı dursan, Qara Qayadan cənuba doğru on sajin getmək lazımdır.

Silahları Şimal burnunun şimal ucunda qumsal təpədə tapmaq olar. Bunun üçün dörddə bir kompas şimala meyil edərək şərqə getmək lazımdır. C.F."


Məlumat bununla bitirdi.

Skvayr dedi:

– Livsi, mən sabah səhər Bristola gedirəm. On gündən sonra bütün İngiltərədəki ən yaxşı gəmilərdən biri öz seçmə heyəti ilə birlikdə bizim ixtiyarımızda olacaq. Houkins də bizimlə gedəcək. Siz gəminin həkimi, mən isə admiral olacağam. Biz Redrutu, Coysu və Günteri də özümüzlə götürərik. Bu xəritənin köməyi ilə dəfinəni tapmaq o qədər çətin olmayacaq. Biz qızıl pullar içində üzəcəyik.

Həkim dedi:

– Treloni, mən sizinlə getməyə hazıram. Güman edirəm ki, Cim də etiraz etməz. Amma mən bir şeydən qorxuram…

– Nədən? – deyə skvayr ucadan soruşdu.

Həkim dedi:

– Mən sizdən qorxuram, çünki sizin ağzınızda söz qalmır. Bu kağızların varlığı barədə bizdən başqa bilənlər də var. Onlar dəfinəyə sahib olmaq üçün əllərindən gələni edəcəklər. Əgər bizim məqsədimizi bilsələr, hansı təhlükələrlə üzləşəcəyimizi təsəvvür edirsinizmi? Biz yola düşənə kimi evdən çölə tək çıxmamalı, çox ehtiyatlı olmalıyıq. Mən Cimlə burada qalıram, siz isə Coysla Günteri götürüb Bristola gedin. Bu barədə heç kimə bir kəlmə belə demək olmaz.

Skvayr dedi:

– Livsi, siz həmişə olduğu kimi, yenə də haqlısınız. Mən dilimə qıfıl vurub lal-kar olacağam. Mən Bristola gedirəm.




Mən Bristola gedirəm


Yol hazırlığına skvayrın fikirləşdiyindən daha çox vaxt getdi. Planlarımızda xeyli dəyişiklik oldu. Livsi özünü əvəz edəcək həkim tapmaq üçün Londona getməli oldu. Skvayr Bristolda idi. Mən isə qoca ovçu Redrutun nəzarəti altında ev dustağı olmuşdum. Kəşf olunmamış adalar və dəniz macəralarının xəyalı ilə yaşayırdım. Xəritə qabağında o qədər durmuşdum ki, onu əzbərləmişdim.



Beləcə, həftələr ötüb-keçirdi. Nəhayət, həkim Livsiyə bir məktub gəldi. Zərfin üzərində bir qeyd var idi: "Əgər həkim Livsi qayıtmamışsa, zərfi Tom Redrut və ya Cim Houkins açsın". Məktubu açıb aşağıdakını oxuduq:






Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/robert-luis-stivenson/d-fin-l-r-adasi-68289673/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Skvayr – ingilis zadəgan titulu



Cim Hokinsin tapdığı xəzinə xəritəsinin üzərinə çəkilmiş üç xaç işarəsindən sonuncunun yanında bu sözlər yazılmışdı: “Dəfinənin əsas hissəsi buradadır”. Bununla da Cimin macəra dolu axtarışları başlayır!

Как скачать книгу - "Dəfinələr adası" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Dəfinələr adası" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Dəfinələr adası", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Dəfinələr adası»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Dəfinələr adası" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги серии

Книги автора

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *