Книга - Tom Soyerin macəraları

a
A

Tom Soyerin macəraları
Mark Tven


Dünya ədəbiyyatından seçmələr
Mark Tvenin şah əsərlərindən olan bu romanda Tom Soyerlə ən yaxın dostu Heklberri Finnin Missisipidə başlarına gələn bir-birindən maraqlı macəralardan danışılır.





Mark Tven

Tom Soyerin macəraları





Məsələ vuruşmadan başlayır


– Tom!

Cavab gəlmir.

– Tom!

Cavab eşidilmir.

– Çox qəribədir, görəsən, bu uşaq harada itib-batıb!.. Tom!

Cavab yoxdur.

Polli xala eynəyini burnunun ucuna endirdi. Otağı gözdən keçirdi, sonra eynəyi alnına qaldırdı. Yenidən yan-yörəsinə baxdı. O, bir şey axtaranda eynəkdən baxmazdı. Əslində, bu eynək onun bəzəyi və fəxri idi. Onu yaraşıq üçün almışdı, gözünə taxanda heç nə görə bilmirdi. O, yavaşcadan dedi:

– Bir dayan, əlbət əlimə keçərsən!…

Tomu heç yerdə tapmayan Polli xala eyvana çıxıb qışqırdı:

– To-o-om, hardasan?

Onun arxa tərəfində yüngül bir xışıltı eşidildi. Dönüb baxanda əkilmək istəyən uşağı gördü. Cəld onun şalvarının aşırmasından yapışdı.

– Elədir ki, var! Anbara baxmaq heç ağlıma gəlməyib. De görüm, sən orada nə eləyirdin?

– Heç bir şey.

– Heç bir şey? Bir əllərinə, ağzına baxsana. Bu nədir belə?

– Bilmirəm, xala.

– Amma mən bilirəm. Bu, mürəbbədir, bildinmi, mürəbbədir. Yüz dəfə sənə demişəm ki, mürəbbəyə əl vurma. O çubuğu ver mənə.

Çubuq yuxarı qalxdı.

– Xala, bir ora baxın, o, arxanızdakı nədir?

Xala özünü təhlükədən qorumaq üçün tumanının balağını yığışdırıb geriyə döndü. Uşaq isə bir anda hasarı aşıb gözdən itdi.

Polli xala əvvəlcə özünü itirdi, sonra güldü:

– Di bacar görüm onunla, necə bacarırsan! Mən də ki, heç ağıllanmıram da… Hər dəfə məni aldadıb aradan çıxır. Tifil rəhmətlik bacımın balasıdır, ona əl qaldırmağa ürəyim gəlmir! Tənbəllik eləyir, məktəbə getmir. Gərək sabah onu yaxşıca cəzalandıram. Bir iş tapşıram ki, evdən bayıra çıxa bilməsin! Gərək tənbeh olunsun. Yoxsa uşağı bədbəxt eləyərəm.

Tom məktəbə getmədi. Öz vaxtını çox gözəl keçirdi. Axşam yeməyinin vaxtı çatanda evə qayıtdı. Cim həyətdə odun mişarlayırdı. Bu zənci uşaq Polli xalanın qulluqçusu idi. Əslində, Tom, guya, ona kömək eləməliydi. Amma o, elə vaxt qayıtdı ki, Cim artıq işini qurtarırdı.

Tomun kiçik ögey qardaşı Sid də ona tapşırılan işin hamısını görüb qurtarmışdı. O, sözəbaxan uşaq idi və dəcəlliklə işi yox idi.

Tom axşam yeməyini yeyirdi. Fürsət düşdükcə qabdan qənd çırpışdırırdı. Polli xala da ona cürbəcür ağıllı və hiyləgər suallar yağdırırdı. Fikirləşirdi ki, bəlkə, Tom çaşıb ağzından bir söz qaçıra. O, Tomdan soruşdu:

– Tom, bu gün məktəbdə sənə çox isti deyildi ki?

– Bəli, xala.

– Bəs nə əcəb çimmək həvəsinə düşməmisən, Tom?

Tomun ürəyi qopdu, düşündü ki, Polli xala bir şey bilir. Amma anladı ki, xalanın heç nədən xəbəri yoxdur. Ona görə də dedi:

– Nədənsə ürəyim istəmədi, xala.

Polli xala Tomun köynəyini yoxlayıb dedi:

– Hə, Tom, heç tərləməmisən.

Əslində o, Tomun köynəyinin quru olub-olmadığını bilmək istəyirdi.

Ancaq Tom küləyin hansı tərəfdən əsdiyini o saatca başa düşüb, tez xalasını qabaqladı:

– Yox, biz orada quyu suyu ilə başımızı islatmışdıq. Başım indi də yaşdır, bir baxın!

– Tom, başını islatmaq üçün köynəyi çıxarmaq lazım gəlmir, elə deyilmi? Köynəyinin yaxalığını göstər görüm!

Tom köynəyini göstərdi, köynəyin yaxalığı möhkəm tikilmişdi. Polli xalanın ürəyi yerinə gəldi.

– Düzü, mən elə bilirdim ki, sən dərsdən qaçıb çimməyə getmisən. Görünür, mən yanılıram, sən o qədər də pis uşaq deyilsən.

Amma Sid məsələyə qarışdı:

– Mənə elə gəlir ki, siz onun yaxalığını ağ sapla tikmişdiniz, bu tikişin sapı qaradır.

– Əlbəttə, mən ağ sapla tikmişdim! Tom!

Tom söhbətin axırını gözləmədi. Özünü qapıdan bayıra salıb qışqırdı:

– Yaxşı, Sid, gör sənin başına nə oyun açıram!

Tom xəlvət bir yerə çəkilib gödəkcəsinin yaxasını qaldırdı. Astar tərəfə iki yoğun saplı iynə sancılmışdı. İynələrin birinin sapı ağ, o birininki isə qara idi.

– Sid olmasaydı, Polli xala heç bir şey başa düşməyəcəkdi. Lənətə gəlmiş! Xalam da gah ağ sapla tikir, gah da qara. Heç olmasa, həmişə bir cür sapla tiksəydi, adam da çaşbaş düşməzdi, hər dəfə sapı necə yadda saxlayasan. Amma Sidi nə kötəkləyəcəyəm – ömrü boyu yadından çıxmaz!

Tom fit çala-çala yola düzəldi. Birdən qarşısında özündən azca böyük, tanımadığı bir oğlan gördü. Oğlan çox yaxşı geyinmişdi. İşə bir bax, adi gündə o, yaxşı geyinmişdi! Onun paltarı təptəzə idi.

Tom bu şıq geyinmiş oğlanın qarşısında özünü sındırmırdı. Ancaq öz yoxsul paltarı ona daha acınacaqlı görünürdü. Uşaqların heç biri dinmirdi. Onlar bir müddət bir-birinin gözünün içinə baxdılar. Nəhayət, Tom dilləndi:

– İstəyirsən səni möhkəmcə əzişdirim?

– Hünərin var əzişdir! Ancaq bu, sən bacaran iş deyil.

– Dedim, əzişdirərəm, bil ki, əzişdirərəm.

– Əzişdirə bilməzsən.

– Bilərəm.

Onlar bir-birlərinə xeyli hərbə-zorba gəldilər. Tom dedi:

– İtələmə, yoxsa bu saat payını alarsan!

– Görərik, vur da, bəs nəyi gözləyirsən?

Yad uşaq cibindən iki qara pul çıxarıb istehza ilə Toma uzatdı.

– Ay yazıq, bəlkə, acsan, sənə pul lazımdır.

Tom yumruqla onun əlindən vurub pulları yerə saldı. Elə o saatca uşaqlar pişik kimi bir-birlərinə sarıldılar. Torpağın içində eşələnməyə başladılar. Onlar bir-birinin saçını yolur, paltarını cırır, üz-gözünü cırmaqlayırdılar. Getdikcə Tom yad oğlana üstün gəlirdi. Axırda onu altına alıb üstündə oturdu, dedi:

– Üzr istə!

Oğlansa dartınır, birtəhər Tomun əlindən çıxmaq istəyirdi. O, ağrının şiddətindən deyil, acığından ağlayırdı.

Nəhayət, yad oğlan Tomdan üzr istədi. Tom onu buraxıb dedi:

– Bu, sənə dərs olsun. Bundan sonra bil ki, kimə əl qaldırırsan.

Oğlan üstünü çırpıb Tomdan bir az uzaqlaşdı. Onu hədələdi. Tom isə gülüb üzünü yana çevirdi. O dəqiqə yad uşaq yerdən bir daş götürdu. Düz Tomun kürəyinin arasına ilişdirib bir anın içində gözdən itdi. Tom oğlanı evlərinə qədər qovdu. O, bir müddət oğlanın girdiyi evin yanında keşik çəkdi. Düşmənini döyüşə çağırdı. Amma yad oğlan ağız-burnunu əyə-əyə pəncərədən ona acıq verdi. Evdən bayıra çıxmadı. Nəhayət, düşmənin anası göründü. O, Tomu yaramaz və tərbiyəsiz küçə uşağı adlandırdı. Əmr elədi ki, Tom rədd olub getsin.

Tom evlərinə çox gec qayıtdı. Yavaşca pəncərədən içəri sürüşdü. Amma Polli xala onu güdürdü. O, Tomun nə kökdə olduğunu görəndə hirsləndi. Dedi ki, şənbə günü Tom cəzalanaraq ağır bir iş görməli olacaq.




Qiyamət rəngsaz


Şənbə gününün səhəri gəlib çatdı. Yay gününün təmiz havasında hər şey par-par parıldayır, həyat qaynayırdı.

Tom əlində əhəng vedrəsi və uzun fırça səkidə göründü. O, barını gözdən keçirəndə kədərləndi. Doqquz fut[1 - Fut – 0,3 metrə bərabar uzunluq ölçüsüdür.] hündürlüyündə, otuz yard[2 - Yard – 0,9 metrə bərabər uzunluq ölçüsüdür.] uzunluğunda taxta barı! Həyat ona boş və mənasız, yaşayış isə ağır bir yük kimi göründü. O, köksünü ötürüb fırçanı əhəngə batırdı. Bir-iki dəfə divara çəkdi. Amma hələ nə qədər iş var idi! Kefi lap pozuldu.

Cim əlində dəmir vedrə darvazadan çıxdı. Yəqin, ona su gətirməyi tapşırmışdılar. Əvvəllər quyudan su daşımaq Toma cansıxıcı bir iş kimi görünürdü. Amma indi buna başqa cür baxdı. Yadına düşdü ki, quyunun başı həmişə adamla dolu olur. Ağların və zəncilərin uşaqları – oğlanlar, qızlar həmişə quyunun başına yığışır. Növbə çatana qədər dincəlir, bir-biriləri ilə oyuncaqlarını dəyişir, güləşir və oynayırlar. Tom dedi:

– Bura bax, Cim, mən sənin əvəzinə suya gedərəm. Sən gəl buranı bir az ağart.

– Yox, mister Tom, qoca xanım tapşırıb ki, tez su gətirim. O, mənə tapşırıb ki, Tom səni çağıracaq, deyəcək gəl barını ağart, sən isə ona qulaq asma! Xanım dedi ki, barı ilə özü məşğul olacaq.

– Cim, o, çox şey deyə bilər! Vedrəni ver mənə, tez doldurum gətirim. Onun heç xəbəri də olmaz.

O, Cimi yoldan çıxartmaq istəyirdi. Amma bu vaxt Polli xalanın səsi gəldi. Heç bir dəqiqə keçməmiş Cim əlindəki vedrəni danqıldada-danqıldada küçə ilə bərk qaçırdı. Tom böyük səylə hasarı ağardır, Polli xala isə təntənəli bir vüqarla, əlində ayaqqabısı evə girirdi.

Amma Tomun belə səylə işləməsi uzun sürmədi. Qüssə onu boğurdu. Bir azdan başqa uşaqlar evlərindən çıxıb gəzməyə gedəcəklər. Toma isə güləcəklər, lağ eləyəcəklər ki, o, işləməyə məcburdur. Bunu fikirləşdikcə onun bədəni od tutub yanırdı. O, bütün var-dövlətini cibindən çıxarıb gözdən keçirməyə başladı: bunlar sınıq-sökük oyuncaqlar, kiçik bəzəkli daşlar və hər cür xırım-xırda idi. Bunlar heç bircə saatlığına azadlığı almağa yetməzdi. Tom uşaqları rüşvətlə yoldan çıxartmaq fikrindən daşındı. Amma birdən ağlına başqa bir fikir gəldi!

O, sevincək fırçanı əlinə götürdü. Divarı daha böyük səylə rəngləməyə başladı. Bir az keçmiş Ben Rocers göründü – Tom hamıdan artıq onun istehzalarından qorxurdu. Ben alma yeyirdi. Tom onun yaxınlaşdığını gördü, amma qətiyyən Benə məhəl qoymadı. Oğlan gözlərini ona dikib soruşdu:

– Aha, deyəsən, yedəklənmisən! Yaxşıca ələ keçmisən!

Cavab çıxmadı. Tom fırça çəkdiyi yeri bir rəssam gözü ilə nəzərdən keçirdi. Sonra ehtiyatla fırçanı həmin yerə bir də çəkdi. Ben yaxına gəlib onun yanında durdu. Tom almanı gördükdə ağzı sulandı. Amma özünü o yerə qoymadı. Ben dedi:

– Hə, dost, deyəsən, işləmək lazım gəlir, hə?

Tom ona tərəf döndü:

– Ben, sənsən? Heç gəldiyini görmədim!

– Bura bax, Tom, mən çimməyə gedirəm. Sən istəmirsən? Yox əşi, sən, yəqin ki, işləyəcəksən, hə?

Tom diqqətlə Benin üzünə baxıb soruşdu:

– Sən iş nəyə deyirsən?

– Səncə, bəs, bu iş deyil?

Tom fırçanı divara çəkdi:

– Nə bilim, bəlkə, işdir, bəlkə də, heç iş deyil! Ancaq bircə onu bilirəm ki, bu, Tom Soyerin ürəyindəndir.

– Əşi, burax görək! Guya, barı ağartmaqdan çox xoşun gəlir!

Tom əlini bir dəqiqə də olsun saxlamırdı.

– Xoşuma gəlir? Niyə də gəlməsin, bizim kimilərinə barı ağartmaq həmişə qismət olmur.

Bundan sonra iş sanki Benin gözündə dəyişib başqa şəkil aldı. O, alma gəmirməyindən əl çəkdi. Tom fırçanı ehtiyatla irəliyə-geriyə aparırdı. Arabir öz işinin nəticəsindən həzz almaq üçün dayanıb baxırdı. Sonra yenə də fırçanı işə salırdı. Get-gedə Benin bu işə marağı artdı. Birdən o dedi:

– Bura bax, Tom, ver bir az da mən ağardım!






Tom xalasının ona tapşırdığı işi uşaqlara gördürdü. Özü isə əlini ağdan-qaraya uurmadı. Vaxünı da çox şən keçirdi.



Tom fikirləşdi, razılaşacaqdı, amma birdən fikrini dəyişdi.

– Yox, Ben, baş tutmaz. Polli xala bu barının üstündə yamanca əsir. Bilirsən, bura barının küçə tərəfidir. Polli xala üstündə əsir!

– Qoy, heç olmasa, bir az ağardım, bax… Lap azca… İstəyirsən almanın yarısını sənə saxlayım?

– Nə deyirəm… Amma yox, Ben, yaxşısı budur ki, əl vurmayasan. Mən qorxuram.

– Almanın hamısını sənə verərəm!

Tom sevincini büruzə vermədi. Almanı alıb qırağa çəkildi. Ben isə tər tökə-tökə divarı rəngləyirdi.

Ben yorulub gücdən düşənə qədər Tom başlarına yığışmış uşaqlardan növbə düzəltmişdi. Özü də bu növbələr elə-belə deyildi. Tom divarı rəngləməyin əvəzinə uşaqlardan nəsə alırdı. Günortaya yaxın kasıb Tom xeyli varlanmışdı. Artıq onun köhnə bir çərpələngi, ölü siçovulu, on iki kürəciyi var idi. Hələ bu nədir? Gözə tutub baxmaq üçün göy şüşə sınığı, bir cüt çömçəquyruğu, bir gözü kor pişik balası onu lap varlandırmışdı.

Tom əlini ağdan-qaraya vurmadı. Vaxtını da çox şən keçirdi. Barıya üst-üstə üç dəfə əhəng çəkildi. Əgər onun əhəngi qurtarmasaydı, şəhərin bütün uşaqlarını müflis eləyəcəkdi.




Naməlum gözəl qız


Tom barını ağardandan sonra Polli xaladan təşəkkür əvəzi yekə bir alma aldı. Onun kefi kökəlmişdi. Axı Polli xala gəzməyə icazə vermişdi. Üstəlik o, fürsət tapıb qara sap məsələsinin heyfini Siddən çıxmışdı. Əlinə keçən kəsəkləri Sidin başına yağdırmışdı. Polli xala Sidin köməyinə çatana qədər o, aradan çıxmışdı.

Tom şəhər meydançasına tərəf yollandı. Burada qabaqcadan olan danışığa əsasən iki ordu döyüşə hazır bir vəziyyətdə düzlənmişdi. Bunlardan birinə Tom, o birinə isə onun ayrılmaz dostu Co Harper komandanlıq eləyirdi. Hər iki böyük sərkərdə özlərini o qədər də alçaq tutmurdular ki, gedib döyüşəydilər – bu, xırda-mırdaların işi idi.

Sərkərdələr hündür bir yerdə yanaşı oturub hərbi əməliyyata rəhbərlik eləyirdilər.

Uzun və şiddətli vuruşmalardan sonra Tomun ordusu böyük qələbə qazandı. “Ölənləri” hesaba aldılar, “əsirləri” dəyişdilər. Gələn dəfə nə vaxt müharibə elan eləmək və nə üstündə vuruşmaq haqqında razılığa gəldilər. Sonra hər iki ordu sıraya düzülüb yola düşdü. Tom isə tək-tənha evlərinə tərəf yollandı.

O, Cef Tetçerin yaşadığı evin yanından keçəndə bağda tanımadığı bir qız gördü. Bu, iki uzun sarışın hörüyü olan, göy gözlü qəşəng bir qız idi. Bir az bundan əvvəl böyük döyüş qələbələri qazanmış qəhrəman, bircə atəş belə açılmadan qızın əsiri oldu. Əvvəllər məftun olduğu Emi Lourens bir dəqiqədə onun qəlbindən silindi. Tom elə bilirdi ki, onu dəlicəsinə sevir. Amma indi məlum oldu ki, bu, yalnız ötəri bir maraq imiş.

Nə qədər ki qız ona baxmırdı, Tom uzaqdan-uzağa bu yeni məlaikəyə göz qoydu. Sonra, guya, qızın orada olduğundan xəbərsizmiş kimi cürbəcür oyunlar çıxartmağa, özünü göstərməyə başladı. Özünü qıza göstərmək, onun xoşuna gəlmək istəyirdi. Uzun müddət müxtəlif sarsaq oyunlardan çıxdı. Amma qız tərəfə baxanda gördü ki, o, evlərinə gedir. Tom kədərləndi, gedib hasara söykəndi. Qız artırmada bir dəqiqə ayaq saxlayıb qapıya sarı yönəldi. Tom dərindən köks ötürdü. Amma elə o saat da onun üzü güldü. Qız gözdən itməzdən əvvəl dönüb barının üstündən Toma bir çiçək atdı.

O, çiçəyə tərəf qaçıb, onu yerdən götürdü. Sonra özünü xəlvətə verdi ki, çiçəyi gödəkcəsinin altında gizlətsin.

– Axşam yeməyi zamanı Sidi daşqalaq etdiyinə görə Tom möhkəmcə danlandı. Bir azdan Polli xala mətbəxə getdi. Sid qənddanı götürüb öz qabağına qoymaq istədi. Amma əlində saxlaya bilmədi, qəndqabı yerə düşüb çilikləndi. Tom bərk sevindi. Qərara gəldi ki, özü bu haqda xalasına bir söz deməsin. Polli xala qənddanı kimin sındırdığını soruşanda məsələni açıb desin. Xalanın öz “sevimlisini” necə kötəkləyəcəyinə tamaşa eləməyin ayrı ləzzəti var idi! Amma Polli xala qayıdıb çiliklənmiş qəndqabını görəndə Tomun peysərinə bir şapalaq ilişdirdi. İkincini də vurmaq istəyəndə Tom qaraqışqırıq qopartdı:

– Dayanın, əlinizi saxlayın, axı məni niyə döyürsünüz? Qabı mən sındırmamışam ki! Sid sındırıb!

Polli xala bu gözlənilməz sözdən donub qaldı. Tom gözləyirdi ki, xalası indicə peşman olacaq, onun halına acıyacaq. Amma xala özünü ələ alıb dedi:

– Hə… Ancaq mən güman eləyirəm ki, sən bu şapalağı nahaq yerə almadın!

Sonra vicdanı ona əzab verdi, istədi uşağın könlünü alsın. Amma eləmədi, axı bu, tərbiyə qayda-qanununa zidd idi.

Tom mısmırığını sallayıb bir küncdə oturdu. O bilirdi ki, Polli xala hərəkətinə görə peşman olub. Bu hisdən Tom həzz alırdı. Amma özünü elə göstərirdi ki, guya heç bir şey hiss etmir. O, təsəvvürünə gətirdi ki, ölüm yatağındadır, Polli xala isə ondan bağışlanmasını xahiş eləyir. Amma Tom onu bağışlamayacaq. Üzünü divara tərəf çevirib öləcək, bircə kəlmə də söz deməyəcək. Onda, görəsən, Polli xalanın halı necə olacaq?

Tom bütün bu xəyallardan o qədər mütəəssir olmuşdu ki, göz yaşları içərisində boğulurdu. O, öz kədərindən böyük həzz alırdı. Hətta xalası qızı Merinin evə qayıtması da onu sevindirmədi. Tom yerindən qalxıb otaqdan çıxdı.

O, çay qırağına gəldi. Bayaqkı gözəl qızı xatırladı. Fikirləşdi ki, qız bütün bunlardan xəbər tutsaydı, görəsən, onun halına acıyardımı?

Axşam Tom Gözəl Qızın yaşadığı evə sarı gəldi. Evdən səs-səmir gəlmirdi. O, çiçəyi sinəsinə sıxıb pəncərənin altında yerə uzandı. Xəyal onu çox uzağa aparmışdı. Birdən pəncərə açıldı. Xidmətçi qadın Tomun üstünə şırıltı ilə bir vedrə su əndərdi.

Bizim qəhrəman az qaldı boğula, o, fınxıra-fınxıra tez yerindən sıçradı. Bir daş havada vıyıldadı. Şüşə çilik-çilik oldu. Balaca, toranlıqda güclə seçilən bir fiqur sıçrayıb barıdan aşdı və bir göz qırpımında yox oldu.




Lovğalığın axırı


Səhər ibadətindən sonra Tom Tövratdan şeir əzbərləməyə başladı. Tom bütün qüvvəsini topladı. Amma onun beynində dərsdən başqa, nə desən var idi.

Meri onu yoxladı. Amma Tom heç iki misranı da dalbadal deyə bilmədi. Meri dedi:

– Sən gərək dərsini başdan-ayağadək təzədən əzbərləyəsən. Yaxşı öyrənsən, sənə maraqlı bir şey bağışlayacağam. Hə, di ağıllı ol, başla!

Tom işə «möhkəmcə girişdi». Nəhayət ki, bir neçə şeir əzbərləyə bildi. Bunun əvəzində isə Meri ona ikiağızlı təzə cib bıçağı bağışladı. Tomun sevincinin həddi-hüdudu yox idi. Doğrudur, bıçağın ağzı heç bir şey kəsmirdi, amma bu, əsl bıçaq idi

Bazar günü məktəbinə getmək vaxtı idi. Merinin köməyilə Tom əl-üzünü yudu. Sonra Meri Tomun yalnız bazar günləri geydiyi, «o biri kostyum» adlanan təzə kostyumunu şkafdan çıxarıb gətirdi. Onun başına şlyapa qoydu, ayağına çəkmə geyindirdi.

İndi Tom yaraşıqlı görünürdü. Amma özünü çox narahat hiss eləyirdi.

Meri də bircə dəqiqənin içində geyindi. Uşaqların üçü də bazar günü məktəbinə yollandılar. Tom bu məktəbə ürəkdən nifrət eləyir, Meri ilə Sid isə onu sevirdi.

Bazar günü məktəbində saat doqquzdan on birin yarısınadək məşğələ keçirlər. Sonra isə ibadət başlanırdı.

Qapının ağzında Tom ayaq saxladı ki, özü kimi bayramsayağı geyinmiş bir dostu ilə danışsın:

– Bura bax, Billi, səndə sarı bilet var?

– Var.

– Ona nə verim?

– Nəyin var?

– Bir parça şirin biyan kötüyü, bir dənə də balıqçı qarmağı.

– Göstər.

Tom göstərdi. Dostu bəyəndi, onlar qiymətli əşyalarını dəyişdilər. Bundan sonra Tom iki sədəf daşı üç qırmızı biletə, sonra da müxtəlif dəyərsiz əşyalarını iki göy biletə dəyişdi. O, başqa uşaqlardan da müxtəlif rəngli biletlər aldı. Sonra kilsəyə girib yerində oturdu. Amma yerində sakit dura bilmədi. Gah ona sataşdı, gah buna. Müəllim də elə hey onu töhmətləndirdi.

Tomgilin sinfindəki uşaqların hamısı eyni xasiyyətli: nadinc, şuluq və sözəbaxmayan uşaqlar idi. Biri də tapşırılmış şeiri əzbər deyə bilmirdi. Hamısına kömək eləmək lazım gəlirdi. Bununla belə, onlar birtəhər şeiri axıra çatdırır və hər biri mükafat alırdı. Bu mükafatlar balaca göy biletlərdən ibarət olurdu. Tövratdan əzbərlənmiş iki şeirin əvəzində bir göy bilet verilirdi. Belə göy biletlərin on dənəsi bir qırmızı biletə bərabər idi. On qırmızı bilet isə bir sarı biletə bərabər idi. On sarı biletin əvəzinə məktəbin müdiri tələbələrə Tövrat bağışlayırdı. Meri iki il səbirlə çalışıb iki Tövrat almışdı.

Bu hədiyyənin verilməsi çox nadir və unudulmaz bir hadisə idi. Hamı uğur qazanmış şagirddən danışırdı. Bu da başqa uşaqların qəlbində şöhrətpərəstlik hissi oyadırdı. Ola bilsin ki, Tom da məhz bu şöhrətə can atırdı.

Müdir mister Uolters çox ciddi görünsə də, əslində çox namuslu və səmimi adam idi. O, dini nitqini bitirən kimi uşaqların arasında pıçapıç başladı.

Hakim Tetçer dörd nəfərin müşayiəti ilə içəri girmişdi. Onlardan biri əldən düşmüş bir qocaydı. O biriləri saçlarına dən düşmüş orta yaşlı bir cənab və yəqin ki, onun arvadı olan əzəmətli bir qadın idi. Qadın balaca bir qızın əlindən tutmuşdu.

Tom balaca yad qızı görən kimi kefi kökəldi, qəlbi sevincdən çırpındı.

Qonaqları yuxarı başda əyləşdirdilər. Onları bütün məktəbə təqdim elədilər. Orta yaşlı cənab çox mötəbər bir adam imiş. O, kim olsa yaxşıdır? Dairə hakimi, uşaqların ömürlərində görmədikləri ən yüksək mövqeli bir şəxs! Özü də buradakı hakimin qardaşı idi. Cef Tetçer dərhal irəli çıxdı. Bütün məktəbə acıq verə-verə böyük adamla yaxın tanış olduğunu hamıya göstərdi.

Mister Uolters də bərk canfəşanlıq eləyirdi. Kitabxanaçı özünü gözə soxmaq üçün qoltuğunda bir yığın kitab o tərəf bu tərəfə qaçırdı.

Mister Uoltersin tam səadəti üçün yalnız bircə şey çatışmırdı – Tövratı təqdim eləyib uşaqların biliyi ilə lovğalanmaq. Tələbələrin bəzilərində sarı biletlər var idi, ancaq heç kəsdə kifayət qədər deyildi.

Elə bu an Tom Soyer əlində doqquz sarı bilet, doqquz qırmızı bilet və on göy bilet irəli çıxdı. Özünə Tövrat tələb elədi. Bu, günəşli gündə ildırım çaxmasına bənzər bir şey idi. Mister Uolters Tom Soyerin ən azı yaxın on il ərzində Tövrat tələb eləyəcəyini qətiyyən gözləmirdi. Ancaq əlac yox idi – öz əli ilə qol çəkdiyi qəbzlər təqdim olunmuşdu. Tomu qonaqların əyləşdiyi yerə dəvət elədilər. Bu gözlənilməz xəbər kafedradan elan edildi. Oğlanlar paxıllıqdan yanıb töküldülər. Hamıdan da çox peşman olub əzab çəkən öz biletini Toma verənlər idi. Gec də olsa, anlamışdılar ki, bu fırıldaqçının belə yüksəlməsinə özləri kömək eləyiblər. Onlar bu hiyləgər fırıldaqçının tələsinə düşüb aldandıqları üçün özlərinə nifrət eləyirdilər.

Yazıq müdir hiss eləyirdi ki, burada nə isə bir sirr var və yəqin ki, bunun üstünü açmaq mümkün olmayacaq. Heç ağıla sığan şey deyil ki, bu uşaq iki min Tövrat şeirini beyninə yığa bilsin. Çünki Tom heç onca şeiri də yadda saxlaya bilmirdi; müdir də bunu bilirdi.

Emi Lourens həm qürurlanır, həm də sevinirdi. Amma Tom ona tərəf heç baxmırdı da. Görəsən, niyə? Emi fikrə getdi. Tomun ona məhəl qoymaması qızı çox kədərləndirirdi. Birdən onda tutqun bir şübhə oyandı. Qız diqqət yetirməyə başladı. Tomun ötəri bir baxışı ona çox şeyi başa saldı, elə o saatca da acığından və qısqanclıqdan az qaldı ağlaya. Dünyada hamıdan zəhləsi getdi. Hamıdan da çox Toma nifrət etdi. Hər halda ona elə gəlirdi.

Tomu hakimə təqdim elədilər. Ancaq uşağın dili tutuldu, ürəyi şiddətlə döyünməyə başladı. Bunun bir səbəbi hakimin çox zəhmli olmasıydı, ikinci və əsas səbəbi də o idi ki, bu kişi həmin qızın atası idi. Hakim Tomun başını sığalladı, adını soruşdu. Tom dili dolaşa-dolaşa dedi:

– Tomas Soyer… ser.

– Afərin! Qiyamət oğlansan. İki min şeir – bu çoxdur, lap çoxdur. Buna o qədər zəhmət sərf eləməyinə heç vaxt heyifsilənmə. Çünki bilik dünyada hər şeydən qiymətlidir. Bizi yaxşı və hətta dahi adam eləyən də bilikdir. İndi mənə öyrəndiyin şeirlərdən bir neçəsini əzbər deyərsənmi? Əlbəttə, deyərsən! Şübhəsiz ki, İsanın on iki şagirdinin adı sənə məlumdur. Bəlkə, sən bizə onlardan birinci çağırılan iki nəfərin adını deyəsən?

Tom düymələrini dartışdırır və utana-utana hakimin üzünə baxırdı. Sonra qıpqırmızı qızarıb gözlərini yerə dikdi. Mister Uoltersin ürəyi yerindən oynadı. Öz-özünə düşündü ki, bu uşaq ən sadə suala belə cavab verə bilmir. Bunu sorğu-suala tutmaq, görəsən, hakimin hardan ağlına gəlib. Ancaq o hiss elədi ki, bir söz deməlidir.

– Cənaba cavab ver, Tomas, qorxma.

Tom dinmirdi.

– Mən bilirəm ki, o, mənə deyəcəkdir, – deyə xanım sözə qarışdı. – Hə, Tomas, ilk iki şagirdin adı…

– David və Qoliaf[3 - Tom Tövratın müxtəlif əfsanələrinin qəhrəmanlarını dəyişik salırdı. Tövratda deyilir ki, İsanın ilk şagirdlərinin adı Pyotr və Andreydir. David isə qədim yəhudi şahıdır ki, əfsanəyə görə təkbətək döyüşdə nəhəng Qoliafa qalib gəlmişdir.].

Bu səhnənin sonluğunu təsəvvür etməyi oxucunun öz öhdəsinə buraxırıq.




Sehrbazlıq və qadın füsunkarlığı


Bazar ertəsi səhər Tom yuxudan oyandıqda özünü tamamilə bədbəxt hiss eləyirdi. Həmişə belə olurdu. Çünki bu gündən məktəbdə yeni əzab və əziyyətlər həftəsi başlanırdı.

Tom özünü xəstəliyə vurdu. Polli xala isə ona inanmadı. Amma biləndə ki, Tomun bir dişi laxlayır, sap gətirib Tomun ağrıyan dişinə bağladı və dişi dartıb çıxartdı.

Səhər yeməyindən sonra Tom məktəbə getdi. Yolda o, Heklberri Finnə rast gəldi. Nəcib qadınların Heklberri Finndən zəhləsi gedirdi. Çünki Hek tənbəl, nadinc bir uşaq idi və heç kəsin sözünə baxmırdı. Üstəlik onun atası şəhərdə əyyaş kimi tanınırdı, daim sərxoş olurdu. Uşaqların isə Hek üçün ürəkləri gedirdi. Heklə oynamaq qadağan edilsə də, həmişə onunla görüşməyə çalışırdılar.

Tom da bütün günü veyil-veyil gəzib-dolaşan Heklberriyə həsəd aparırdı. Heklə oturub-durmaq Toma da qadağan edilmişdi. Lakin o, Heklə oynamaq üçün heç bir fürsəti qaçırmırdı. Heklberrinin əynində həmişə başqasının çıxarıb atdığı köhnə paltar olardı. Şlyapa əvəzinə başına əzik-üzük bir şey keçirərdi. Gödəkcəsinin ətəyi az qalırdı dabanlarına dəysin. Heklberri kefi istəyəni eləyirdi. Ona kimdənsə icazə almaq lazım deyildi. Nə məktəbə gedirdi, nə də kilsəyə. Dalaşmağı heç kəs ona qadağan eləmirdi. Lap gecədən xeyli keçənə qədər yatmaya bilərdi. Ona nə yuyunmaq, nə də təmiz geyinmək lazım idi, söyüşməkdə də ki, böyük məharəti vardı. Bir sözlə, bu cır-cındırlı səfil uşaqda həyata məna verən bütün imkanlar var idi. Sent-Pitersburqdakı ləyaqətli ailələrdən olan bütün uşaqlar belə düşünürdülər.






Tomun dişi laxlayırdı. Əiinə yaxşı fürsət düsmüşdü. Xalasına deyib məktəbdən qalmaq istədi. Ancaq xalast sapla dişini dartıb usağın arzusunu ürəyində qoydu.



Heklberrinin əlindəki ölü pişik Tomu çox maraqlandırdı. Oğlan dedi ki, ölü pişiklə ziyillərini aparacaq.

– Ölü pişiklə ziyili necə aparırlar? – Tomu maraq bürüdü.

– Necə aparırlar? Bu, lap asandır. Camaat ölmüş bir günahkarı qəbiristanda basdırır. Sən də gecə yarısı pişiyi də götürüb ora gedirsən. Düz gecə yarısı şeytanlar gəlir, əlbəttə, bunu görmürsən. Ancaq ki, qulağına bir səs dəyir, elə bil ki, külək əsir. Onlar həmin o günahkarı qəbirdən çıxardıb aparanda pişiyi dallarınca atıb demək lazımdır: «Şeytan meyit dalıncan, pişik şeytan dalıncan, ziyil pişik dalıncan!» Bundan sonra əlində bircə ziyil də qalmayacaq.

– Bəs sən bunu nə vaxt eləmək istəyirsən?

– Elə bu gecə. Məncə, şeytanlar bu gecə o kaftar Vilyamsın dalınca gələcəklər.

– Məni də özünlə apararsanmı?

– Əgər qorxmasan, apararam.

Onlar razılaşıb ayrıldılar.

Tomun sinfə girməsi mürgüləyən müəllimi oyatdı.

– Tomas Soyer!

– Mən buradayam, ser.

– Yaxına gəlin. Adətiniz üzrə, yenə də gecikmisiniz? Nəyə görə?

Tom cəzadan yaxasını qurtarmaq üçün bir söz tapıb demək istəyirdi. Birdən gözü qızılı rəngli, uzun, qoşa hörüklərə sataşdı. Sinifdə yeganə boş yer o qızın yanında idi. Tom tərəddüd etmədən dedi:

– Yolda bir dəqiqəliyə ayaq saxladım ki, Heklberri Finnlə danışam!

Müəllim elə bil ki, iflic oldu – karıxmış halda gözlərini Toma zillədi. Sinifdəki uğultu kəsildi. Şagirdlər fikirləşirdilər ki, yəqin, bu cəsarətli uşağın başına hava gəlib. Müəllim dedi:

– Tomas Soyer, bu, ömrümdə eşitmədiyim ən heyrətli bir etirafdır. Belə bir hərəkət üçün sizi xətkeşlə döymək kifayət etməz. Gödəkcənizi çıxarın.

Müəllimin qolu yorulub gücdən düşənə qədər işlədi. Nəhayət, əmr verildi:

– İndi isə, ser, gedin qızların yanında oturun! Qoy bu, sizin üçün dərs olsun.

Sinifdə qopan ani gülüşmə Tomu pərt eləmişdi. Əslində isə Tomun qızarmasına səbəb tamamilə başqa şey idi. O, yeni ilahə qarşısında xəcalət və utancaqlıq hiss eləyirdi. Digər tərəfdən də, bəxti gətirdiyinə görə ürəyi sevinclə dolu idi.

Tom qızın yanında oturandan sonra gizli-gizli ona baxmağa başladı. Qız bunu hiss elədi, nifrətlə dodaqlarını büzdü. Tom onun qabağına bir şaftalı qoydu. Qız əliylə onu geri itələdi, Tom qrifel taxtasına: «Xahiş eləyirəm götürəsiniz, məndə yenə var» – sözlərini yazdı. Qız taxtaya baxdı, amma bir cavab vermədi. Tom taxtanın üstündə nə isə bir şəkil çəkməyə başladı. O, “əsərini” sol əli ilə gizlətmişdi. Əvvəlcə qız heç bir şeyə fikir vermək istəmirdi, ancaq sonda qadınlara məxsus maraq ona üstün gəldi. Qız Tomun çəkdiklərinə elə maraq göstərdi ki, axırda onunla tanış oldu. Adı Bekki Tetçer idi. O, Tomdan xahiş elədi ki, ona da rəsm çəkməyi öyrətsin.

Tom yenə də sol əli ilə gizlədib nə isə yazmağa başladı. Qız xahiş elədi ki, Tom nə yazdığını ona göstərsin. Tom dedi:

– Elə bir şey deyil…

– Yox, göstərin.

– Axı göstərməyə dəyməz. Sizinçün maraqlı olmaz.

– Yox, olar! Xahiş edirəm, göstərin.

– Sonra gedib mənim haqqımda ona-buna danışarsınız.

– Heç nə demərəm. Sizə söz verirəm. And içirəm ki, ağzımdan bircə kəlmə də söz çıxmaz.

– Heç kəsə bir söz deməyəcəksiniz ki? Lap ölənə qədər bu sirri saxlayacaqsınız?

– Heç kəsə demərəm, arxayın olun. Di göstərin.

O, xırdaca zərif əli ilə Tomun əlindən yapışdı. Balaca bir çəkişmə başlandı. Tom qəsdən özünü elə göstərirdi ki, guya, müqavimət göstərir. Əslində isə yavaş-yavaş əlini yazının üstündən çəkirdi. Nəhayət, yazılmış sözün üstü açıldı: «Mən sizi sevirəm!»

– Ah, yaramaz! – deyə qız Tomun əlinin üstünə yavaşca vurdu. O qızarmışdı. Amma, deyəsən, razı qalmışdı.

Olanlar Tomu necə həyəcanlandırmışdısa, bildiyi də yadından çıxdı. Coğrafiyadan dərsə cavab verəndə gölləri dağlara, dağları çaylara, çayları isə qitələrə çevirdi və Yer üzündə böyük qarışıqlıq yaratdı. Sonra imla yazanda ən sadə sözlərdə səhv buraxdı. Ona görə də imla yazıdan axırıncı yeri tutdu. Düzgün yazı yazmadığına görə bir neçə ay sinəsində gəzdirdiyi qalay medal ondan alınıb başqa şagirdə verildi.




Məhəbbət və ürək çırpıntıları


Məktəblilər böyük tənəffüsə buraxılanda Tom Bekki Tetçerin yanına qaçdı. Pıçıltı ilə ona dedi:

– Şlyapanızı başınıza qoyun, guya ki, evinizə gedirsiniz. Tinə çatanda o biri qızlardan ayrılıb məktəbə qayıdın. Mən sizi burda gözləyəcəm.

Bir neçə dəqiqədən sonra onlar sinifdə görüşdülər. Məktəbdə onlardan başqa, heç kim qalmamışdı. Skamyaların birində əyləşib, qrifel taxtasını öz qarşılarına qoydular. Tom qızın əlindən tutub şəkli necə çəkməyi öyrətməyə başladı. Bu qayda ilə gözəl bir ev şəkli çəkdilər. Sonra söhbət etməyə başladılar. Tom səadət dəryasında üzürdü. O, Bekkidən soruşdu:

– Siz heç sirkdə olmusuz?

– Hə, atam deyib ki, özümü yaxşı aparsam, yenə aparacaq.

– Ancaq mən dörd dəfə getmişəm. Sirkin yanında kilsə heç nədi. Sirkdə həmişə maraqlı bir şey göstərirlər. Böyüyəndə mən də gedib sirkdə kloun olacağam.

– Doğrudan? Bu lap yaxşı olar! Onlar elə qəşəngdirlər ki… paltarları da al-əlvan.

– Elədir. Bura baxın, Bekki, siz heç adaxlanmısınız?

– O nə deməkdir ki?

– Necə yəni nə deməkdir? Əvvəlcə adaxlanırlar ki, sonra ərə getsinlər.

– Yox, mən adaxlanmamışam.

– Adaxlanmaq istəyərdizmi?

– Bəlkə də. Düzü, heç bilmirəm. O nəyə oxşayır?

– Nəyə oxşayır? Nəyə oxşayacaq, heç bir şeyə. Siz oğlana deyirsiniz ki, ömrünüzdə ondan başqa heç kimi sevməyəcəksiz. Sonra isə öpüşürsüz, vəssalam.

– Öpüşürük? Öpüşmək nə üçün?

– Bilirsizmi… ona görə ki… ona görə ki, qaydadır, hamı belə eləyir.

– Hamı?

– Əlbəttə, bir-birini sevənlərin hamısı. Taxtaya yazdığım sözlər yadınızdadırmı?

– Hə…

– Nə deyirsiz?

– Bir söz deyə bilmərəm.

– Bəlkə, mən sizə deyəm?

– Yaxşı, ancaq başqa bir vaxtda.

– Yox, mən indi istəyirəm.

– İndi yox, yaxşı olar ki, sabah deyəsiz.

– Yox, indi yaxşıdır. Bekki, razı olun, nə olar! Mən lap yavaşcadan, pıçıltı ilə deyərəm.

Bekki tərəddüd elədiyindən Tom bunu razılıq saydı. Onun çiyinlərini qucaqladı, ağzını az qala qulağına yapışdırıb pıçıldadı: «Mən səni sevirəm!»

Sonra isə əlavə elədi:

– İndi həmin sözləri sən də mənə pıçılda.

Qız bir qədər müqavimət göstərdikdən sonra dedi:

– Üzünüzü yana çevirin ki, heç bir şey görməyəsiz. Onda pıçıldayaram. Ancaq ki, heç kəsə danışmayın, heç kəsə, yaxşımı, Tom?

– Yox, heç kəsə bir söz demərəm. Hə, Bekki, de görək!

Tom üzünü yana çevirdi. Qız o qədər yaxına gəldi ki, onun nəfəsindən Tomun başının tükləri tərpəndi. O, pıçıltı ilə dedi:

– Mən sizi sevirəm… sevirəm!

Bunu dedikdən sonra qız sıçrayıb yerindən qalxdı. Sonra bir küncə sıxılıb ağ yaxalığı ilə üzünü örtdü. Tom Bekkinin boynunu qucaqlayıb onu dilə tutmağa başladı:

– Hə, Bekki, daha hər şey qurtardı, bircə öpüşmək qalır. Sən lap nahaq yerə qorxursan. Bu, çox sadə bir şeydir. Xahiş edirəm, Bekki, başla görək! – Tom bunu deyib qızın əlindən və yaxalığından çəkməyə başladı.

Qız yavaş-yavaş yumşaldı, əllərini aşağı saldı. Qızarıb pörtmüş üzünü Toma tərəf tutdu. Tom onun dodaqlarından öpüb dedi:

– Vəssalam, bunda nə var ki, Bekki! Bilirsən, daha bundan sonra sən heç kəsi sevməməlisən. Məndən başqa, heç kəsə ərə getməməlisən. Bu daha həmişəlik, ömürlük bir şey oldu. Yaxşımı, Bekki?

– Hə, Tom, bundan sonra heç kəsi sevməyəcəm. Ancaq sən də məndən başqası ilə evlənmə.

– Bəs necə, əlbəttə. Belə də olmalıdır. Məktəbə də birlikdə gələcəyik. Evə də bir yerdə gedəcəyik. Oyun oynayanda da həmişə sən məni seçəcəksən, mən də səni. Qayda belədir, nişanlı oğlanla qız həmişə belə eləyirlər!

– Nə yaxşıdır! Mən heç bilmirdim.

– Eh, bu elə ürəkaçan işdir ki! Biz Emi Lourens ilə…

Tom qızın geniş açılmış gözlərini gördükdə başa düşdü ki, ağzından söz qaçırıb. Pərt olub susdu.

– Ah, Tom! Demək mən sənin ilk sevgilin deyiləm? Sənin bir dəfə nişanlın olub?

Bekki ağladı. Tom dedi:

– Bekki, ağlama! Mən onu daha sevmirəm.

– Yox, Tom, sevirsən, özün bilirsən ki, sevirsən!

Tom onu qucaqlamaq istədi. Amma qız onu itələdi, üzünü divara çevirib hıçqırdı. Tom bir də onu sakitləşdirmək istəyəndə qız onu yenə itələdi. Bunu görən Tom özünü sındırmayıb üzünü çevirdi. O, sinifdən çıxıb getdi. Çöldə durub uzun müddət gözlədi ki, bəlkə Bekki peşman olub çıxa. Ancaq qız gəlmirdi ki, gəlmirdi. Tomun ürəyindən qara qanlar axırdı, qorxurdu ki, birdən qız onu bağışlamaz. Barışmaq üçün ilk addım atmaq çətin idi, amma o, nəhayət, sinfə girdi. Bekki hələ də küncdə durub hıçqırırdı. Tom vicdan əzabı çəkdi. Ona yaxınlaşdı:

– Bekki, mən… mən səndən başqa, heç kəsi sevmirəm.

Cavab gəlmədi, qızın yalnız hıçqırıq səsləri eşidilirdi.

Tom yalvarmağa başladı:

– Bekki, heç olmasa, bircə kəlmə söz de!

Qız hələ də hönkürürdü.

Tom qiymətli şeylərinin ən qiymətlisi olan mis kürəciyini cibindən çıxarıb Bekkiyə uzatdı:

– Bekki, istəyirsən götür, qoy sənin olsun!

Qız yumruqla Tomun əlinin üstündən vurdu. Kürəcik yerə düşüb diyirləndi. Bu zaman Tom qəti addımlarla məktəbdən çıxdı və baş alıb getdi.

Bir azdan Bekkinin dalağı sancdı. O, qapıya tərəf qaçdı. Amma Tom heç yerdə görünmürdü; Qız onu çağırmağa başladı:

– Tom! Qayıt, Tom!

Bekki qulaq verdi, cavab yox idi.

O, tamamilə tək qaldı. Yan-yörədə heç kəs yox idi. Bekki sinfə qayıtdı. Özünü məzəmmət edə-edə yenə ağlamağa başladı.

Günorta fasiləsi bitdiyindən uşaqlar məktəbə toplaşmağa başladılar. Bekki dərdini hamıdan gizlədib bütün günü əzab içində oturdu.




Dəniz quldurları və soyğunçular


Tom artıq yarım saatdan sonra qalın meşəyə girmişdi. O, ağacların ən sıx yerinə soxuldu. Qollu-budaqlı bir palıd ağacının altındakı yosunluqda oturdu.

Günortanın bərk istisində hətta quşlar da susmuşdular. Uşağın qəlbi kədərlə dolu idi, onu əhatə edən aləm də əhvalına uyğun gəlirdi. Ona elə gəlirdi ki, həyatda sevinc yoxdur. Həyat insanlara yalnız qəm, kədər verir. Tom hətta bu yaxınlarda vəfat etmiş Cimmi Xocesə həsəd apardı.

Tom məmnuniyyətlə ölər, onda hər şeyə son qoyulardı. Lap elə o qızı götürək. Axı Tom ona nə elədi? Heç bir şey. O, qıza yaxşılıq eləmək istəyirdi, qız isə onunla yaramaz bir itlə olduğu kimi rəftar etdi! Bir zaman gələcək, Bekki öz hərəkətindən peşman olacaq. Ah, həmişəlik deyil, müvəqqəti ölmək mümkün olsaydı!

Tezliklə Tomun xəyalları Yerdəki həyata qayıtdı. Görəsən, naməlum bir yerə baş götürüb getsə necə olar? Uzaq-uzaq ölkələrə, tanınmaz-bilinməz bir yerə gedib bir daha qayıtmasa, görəsən, qız nə düşünər?

O, özünü gah müharibədə təsəvvür elədi, gah da ağlına gəldi ki, hindulara qoşulub vəhşi öküz ovuna getsin. Yox, o, dəniz qulduru ola bilər! Bəli, o, dəniz qulduru olacaqdır!





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/mark-twain/tom-soyerin-mac-ralari-68289700/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Fut – 0,3 metrə bərabar uzunluq ölçüsüdür.




2


Yard – 0,9 metrə bərabər uzunluq ölçüsüdür.




3


Tom Tövratın müxtəlif əfsanələrinin qəhrəmanlarını dəyişik salırdı. Tövratda deyilir ki, İsanın ilk şagirdlərinin adı Pyotr və Andreydir. David isə qədim yəhudi şahıdır ki, əfsanəyə görə təkbətək döyüşdə nəhəng Qoliafa qalib gəlmişdir.



Mark Tvenin şah əsərlərindən olan bu romanda Tom Soyerlə ən yaxın dostu Heklberri Finnin Missisipidə başlarına gələn bir-birindən maraqlı macəralardan danışılır.

Как скачать книгу - "Tom Soyerin macəraları" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Tom Soyerin macəraları" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Tom Soyerin macəraları", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Tom Soyerin macəraları»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Tom Soyerin macəraları" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги серии

Книги автора

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *