Книга - Al yelkənlər

a
A

Al yelkənlər
Aleksandr Qrin


Dünya ədəbiyyatından seçmələr
Məşhur yazıçı Aleksandr Qrinin şah əsəri sayılan “Al yelkənlər” əsərində müəllif insanları başqaları üçün möcüzələr yaratmağa çağırır.





Aleksandr Qrin

AL YELKƏNLƏR



Nina Nikolayevna Qrinə ithaf olunur

23 noyabr 1922-ci il







I

GƏLƏCƏKDƏN XƏBƏR VERƏN SEHRBAZ


Olduqca möhkəm, üç yüz tonluq ikidorlu yelkən gəmisi “Orion”un matrosu Lonqren on il xidmət etdiyi iş yerinə doğma anası təki bağlansa da, oranı, nəhayət, tərk etmək məcburiyyətində qaldı.

Olaysa belə baş verdi. Evə nadir dönüşlərinin birində, adəti üzrə, hələ uzaqdan, daxmanın kandarından əllərini yellədən, sonra təngnəfəs qarşısına qaçan arvadı Merini görmədi. Lonqrenin balaca evində yaxınlarda peyda olmuş uşaq çarpayısının başındasa ev sahibəsinin əvəzinə üz-gözündən təlaş yağan qonşu qadın dayanmışdı.

– Qonşu, düz üç ay onun qulluğunda durdum, – qadın söylədi, – bir qızına bax.

Bənizi kağıztək ağarmış Lonqren çarpayının üzərinə əyilib maraq dolu nəzərlərini onun uzun saqqalına dikmiş səkkizaylıq varlığa baxdı, sonra oturub başını aşağı saldı və göz yaşlarından islanmış bığlarını eşməyə başladı.

– Meri nə vaxt öldü? – soruşdu.

Qadın körpəyə ara-sıra layla çala-çala və Merinin cənnətdə olduğunu təsdiqləyə-təsdiqləyə kədərli əhvalatı nəql elədi. Lonqren təfərrüatlara varanda cənnət ona odun anbarından bir az işıqlı göründü və o düşündü ki, adi lampa işığı, – indi onlar birgə, üçlükdə olsaydılar, – müəmmalı dünyaya getmiş qadın üçün əvəzedilməz sevinc olardı.

Üç ay bundan əvvəl gənc ananın təsərrüfat işləri lap bərbad imiş. Lonqrenin evdə qoyduğu pulun böyük bir hissəsi çətin doğuşun ardından gələn müalicəyə və yeni doğulmuş körpənin qayğılarına sərf olunur; ərinin gəlişinəcən heç cür keçinə bilməyəcəyini anlayan qadın Mennersdən borc istəmək məcburiyyətində qalır. Aşxana və dükan sahibi olan bu Menners varlı birisi idi.

Meri axşam saat altıda onun yanına gedir. Saat yeddi radələrində isə qonşu qadın Lonqrenin arvadı ilə Lissaya gedən yolda rastlaşır. Ağlamaqdan gözləri qızarmış və pərişan olmuş Meri nişan üzüyünü girov qoymaq üçün şəhərə yollandığını söyləyir. Bir də əlavə edir ki, Menners pul verməyə razılaşsa da, bunun müqabilində ona aşnası olmağı təklif edib. Meri əliboş geri qayıdası olub.

– Evdə bir tikə qara çörək belə yoxdur, – biçarə ana qonşu qadına söylədi. – Şəhərə gedim, başımın çarəsinə qalım, üzüyü girov qoya bilsəm, ərim qayıdanadək qızımla birtəhər keçinərik.

Həmin axşam hava soyuq və küləkli idi; qonşu qadın gənc ananı gecəyə yaxın Lissaya getmək fikrindən heç cür daşındıra bilmir. “Meri, görürsən, yağış yağmağa başlayır, islanacaqsan, bir də gördün külək leysanı da qovub gətirdi”.

Dənizkənarı kənddən şəhərə haradasa üç saata yaxın yol getmək lazım idi, amma Meri qonşu qadının məsləhətini qulaqardına vurur. “Artıq gözünüzün içinə baxa bilmirəm, – gənc ana deyir, – ətrafda elə bir ailə yoxdur ki, ona çörək, ya da un borclu olmayım. Daha bəsdir, üzüyü girov qoyacam”. Meri dediyi kimi də şəhərə gedib qayıdır, yalnız səhərisi gün yatağa düşür və qızdırmadan od tutub yanır; yağışlı hava və gecənin soyuğu sətəlcəmə səbəb olur. Ağır diaqnozu rəhmdil qonşu qadının çağırdığı şəhər həkimi qoyur. Bir həftə sonra Lonqrenin ikiadamlıq çarpayısı boş qalır, qonşu qadınsa anadan yetim qalmış qızcığaza baxmaq üçün bura köçür. Onsuz da neçə illərdir dul qalıb, heç olmasa, kiməsə köməyi dəysin. Bir də ki, – qadın əlavə elədi, – uşağa mehrini salıb, onsuz darıxır.

Lonqren şəhərə gedib işdən çıxdı, yoldaşları ilə vidalaşıb bundan belə balaca Assolu böyütməyə başladı. Qızcığaz ayaq açanadək dul qadın matrosun evində yaşayıb yetimə ana əvəzi oldu, amma Assol yıxılmadan ayağını kandardan atmağı öyrənən kimi Lonqren bundan belə qızı üçün hər şeyi özü edəcəyini qətiyyətlə elan elədi. Beləcə, göstərdiyi şəfqətə görə qonşusuna minnətdarlıq edib bundan belə tənha dul kişi həyatı yaşadı; həyatını, ümidlərini, sevgisini və xatirələrini bütünlüklə balaca varlığa bağladı.

Onillik sərsəri həyatı ərzində arxaya, demək olar ki, pul ata bilməmişdi. Odur ki işləməyə başladı. Tezliklə şəhər dükanlarında onun düzəltdiyi oyuncaqlar peyda oldu. Məharətlə düzəldilmiş qayıqların, katerlərin, birgöyərtəli və ikigöyərtəli yelkənli gəmilərin, kreyserlərin, paroxodların balaca modelləri qismən də olsa ona rəngarəng liman və dəniz həyatının səs-küyünü əvəzlədi. Lonqren həm də bu yolla özünün və qızının kasıbyana mövcudluğunu təmin elədi. Onsuz da təbiətcə ünsiyyətcil olmayan matros, arvadının ölümündən sonra daha da adamayovuşmaz və qapalı həyat tərzi yaşadı. Bəzən bayram günlərində onu meyxanada görsələr də, burada heç vaxt uzun müddət qalmır, piştaxta arxasında tələsik bir qədəh araq içir və ətrafdakıların ünsiyyət cəhdinə cavab olaraq qısa şəkildə “hə”, “yox”, “salam”, “sağ ol”, “salamatlıqdır” ifadələri ataraq oranı tərk edirdi. Qonaqları heç görməyə gözü yox idi; onlara qarşı gözgörəsi kobud olmasa da, elə eyhamlar vurur və qondarma səbəblər gətirirdi ki, gələn adamın evi tərk etmək üçün bəhanə uydurmaqdan savayı əlacı qalmırdı.

Özü də heç yerə qonaq getmirdi; beləcə, yerliləri ilə onun arasında soyuq münasibət yarandı. Lonqrenin işi kənd əhlindən o qədər də asılı olmadığından bu cür münasibətlərin acı aqibətindən də özünü qoruya bildi. Bazarlığı, adətən, şəhərdə edərdi, Mennersdən kibrit belə almırdı. Ev işlərini də özü görür və qızını kişilərə xas olmayan səbir nümayiş etdirməklə böyüdürdü.

Assol artıq beş yaşına çatanda atasının üzündəki sərt ifadə nisbətən yumşalmağa başladı. İndi qızı Lonqrenin dizləri üstə oturub jiletinin düymələrini açmağa çalışanda, ya da məzəli tərzdə matros mahnılarını ifa edəndə kişinin eyni açılır və hətta gülümsəyirdi. Uşaq səsi və tərzi ilə (Assol “r” hərfini hələ yaxşı tələffüz edə bilmirdi) ifa olunan bu mahnılar mavi lentlə bəzənmiş oynaq ayı balası təəssüratı bağışlayırdı. Həmin ərəfədə kölgəsi eyni vaxtda həm atanın, həm də qızının üzərinə düşən bir olay baş verdi.

Erkən yaz sərtliyi ilə qışdan geri qalmırdı. Üç həftə davam edən şimal küləyi soyuğun təsirini birə-beş gücləndirmişdi.

Sahildə növbələşən balıqçı qayıqları bəyaz qumun üzərində nəhəng balıqların onurğasını xatırladırdı. Bu cür havada heç kəs balıq tutmağa cürət etmirdi. Kəndin yeganə küçəsində evinin kandarından bayıra ayaq basan tək-tük adam görmək olardı; sahildən əsən soyuq qasırğa “açıq havanı” sərt işgəncəyə çevirmişdi. Kapernanın bütün bacaları səhərdən axşamadək tüstülənirdi.

Amma Lonqren üçün sərt külək öz qızılı örtüyü ilə dənizlə Kapernanı oxşayan günəşdən daha cəlbedici idi. O bu günlərdə xudmani, isti yuvasını tez-tez tərk edirdi. Lonqren hündür dirəklərin üzərində salınmış körpüyə çıxır, bu taxta bəndin düz qurtaracağında əyləşib tənbəki çubuğunu dodaqlarının arasına basır, sanki elə indicə sahili ağuşuna alacaq, şahə qalxmış dalğalara uzun-uzadı tamaşa edirdi. Ətrafı bürümüş gurultu, havanı yaran nəhəng dalğaların uğultusu, günlərdi buralarda meydan sulayan küləyin müdhiş fısıltısı Lonqrenin əzab çəkməkdən üzülmüş qəlbinə ağır müsibəti donuq kədərədək yumşaldan, dərin yuxunu xatırladan kütləşmə təsiri bağışlayırdı.

Belə günlərin birində Mennersin on iki yaşlı oğlu Xin qayıqlarının körpünün altındakı dirəklərə zərblə çırpıldığını görüb bu haqda atasına xəbər verdi. Fırtına təzəlikcə başlamışdı; Menners qayığı qumsallığa çıxarmağı unutmuşdu. O, dərhal sahilə yollandı və bəndin qurtaracağında arxası ona tərəf dayanıb damağında tənbəki çubuğu fırtınanı seyr edən Lonqreni gördü. Sahildə ikisindən savayı heç kəs yox idi. Menners körpünün ortasına çatıb dalğalı dənizə endi və kəndiri açdı; qayıqda ayaq üstə dayanıb dirəklərdən tuta-tuta sahilə çıxmağa çalışdı. Avarları götürməmişdi və növbəti dirəkdən yapışmaq istəyəndə ayaqları səndələdi, əli havada qaldı, küləyin bərk zərbəsi qayığın burnunu okeana tərəf çevirdi. İndi Menners uzun bədənini nə qədər irəli uzatsaydı belə, ən yaxın dirəkdən yapışa bilməyəcəkdi. Külək və dalğalar suda yırğalanan qayığı məhvə sürükləyirdi. Düşdüyü vəziyyəti anlayan Menners sahilə üzmək üçün suya atılmaq istədi, amma cürət etmədi, çünki qayıq bəndin qurtaracağına yaxın yerdə yırğalansa da, burada suyun dərinliyi və dalğaların azğınlığı şəksiz ölüm vəd edirdi. Fırtınalı dənizin dalğaları ilə çarpışan Mennersi bənddə dayanan Lonqrendən on sajına[1 - Sajın – 3 arşına və ya 2,134 metrə bərabər uzunluq ölçüsü] yaxın xilaskar məsafə ayırırdı. Körpüdə, düz Lonqrenin əlinin altında bir tərəfinə yük bağlanmış kəndir topası vardı. Kəndir körpüdən küləkli havada xilas məqsədilə asılmışdı.








– Lonqren! – qorxudan gözləri hədəqəsindən çıxmış Menners bağırdı, – nə heykəl kimi dayanmısan? Görmürsən, dalğa məni aparır; kəndiri tulla!

Lonqren qayıqda çapalayan Mennersi sakitcə izləyirdi, bircə tənbəki çubuğu həmin arada daha bərk tüstüləndi. O, baş verənləri daha yaxşı izləyə bilmək üçün çubuğu tələsmədən ağzından çıxardı.

– Lonqren! – Menners yalvardı. – Sən axı məni eşidirsən, görmürsən batıram, xilas elə!

Lonqren susmaqda davam elədi; sanki qarşısındakının ümidsiz bağırtılarını heç eşitmirdi. Bir azdan qayıq o qədər uzaqlaşdı ki, Mennersin qışqırıq səsləri, demək olar, eşidilmədi və bütün bu müddət ərzində Lonqren yerindən qımıldanmadı. Menners dəhşət içində hönkürür, matrosa and verir, balıqçıların yanına qaçıb yardım istəməsini yalvarır, pul vəd edir, hədələyir və lənətlər yağdırırdı, lakin Lonqren bütün bunlara cavab olaraq bəndin lap kənarına yaxınlaşıb dalğalarda yırğalanan qayığı hələ ki nəzərdən qaçırmamağa çalışdı. “Lonqren, – indi biçarənin səsi sanki quyunun dibindən gəlirdi, – xilas et!” Onda soyuq havanı ciyərlərinə çəkən və söylədiklərinin küləyə tab gətirməsi üçün bacardığı qədər dərindən nəfəs alan Lonqren var gücü ilə qışqırdı:

– O da sənə belə yalvarırdı! Menners, nə qədər ki sağsan, bu barədə düşün və yaddan çıxarma!

Qışqırıq səsləri kəsildi və Lonqren evə getdi. Yuxudan oyanan Assol atasının sönməkdə olan lampanın qarşısında oturub dərin fikrə getdiyini gördü. Atasını haylayan qızının səsini eşidən Lonqren Assola yaxınlaşıb qızcığazın yanağından öpdü və aşağı sürüşmüş yorğanını üstünə çəkdi.

– Əzizim, yat, – dedi, – səhərin açılmasına hələ çox var!

– Bəs sən nə edirsən?

– Assol, bu gün qara oyuncaq düzəltdim, yat!

Səhərisi gün Kaperna camaatı oturub-durub itkin düşmüş Mennersdən danışdı. Bir də axtarışların altıncı günü tapılan dükan və meyxana sahibi ölüm ayağında olsa da, qəzəbdən od püskürürdü. Onun hekayəti sürətlə ətraf kəndlərə də yayıldı. Menners axşamacan dənizlə əlbəyaxa olub; qayığın kənarlarına və döşəməsinə bir xeyli çırpılan, mərhəmət nədir bilməyən azğın dalğalarla var gücü ilə mübarizə aparan, hər an batmaq təhlükəsi ilə üz-üzə qalan dükançını sonda Kassetə yön alan “Lukresiya” paroxodunun heyəti xilas edib. Soyuqdəymə və yaşadığı dəhşətin sarsıntısı Mennersin günlərini qısaltdı. Həyatının son qırx səkkiz saatını yaşayan dükançı elə hey Lonqreni lənətlədi, yer üzünün mümkün olan bütün bəlalarına mübtəla olmasını arzuladı. Can verən Mennersin ölüm ayağında sabiq matros haqqında söylədikləri Kapernanın sakinlərini sarsıtdı. Lonqrenin batmaqda olan birisinə yardım əli uzatmasından imtina etməsi, baş verənləri soyuqqanlıqla izləməsi hər kəsi mat qoydu. Bir də ki matrosun vaxtilə necə ağır təhqir olunduğunu, ədalətsizliyin qurbanı olan arvadı Merinin ölümündən necə qüssələndiyini çoxları anlamaq iqtidarında deyildi. Əvəzində onlar Lonqrenin susmasına təəccüblənir, bunu nifrət qarışıq heyrətlə qarşılayırdılar. Beləcə, matros dükançının son nəfəsində ona yağdırdığı lənətlərə heç bir cavab verməyib susdu. Üzərinə tuşlanan nifrət dolu baxışları sanki görməyən Lonqren həmin o tufanlı axşamda olduğu kimi heykəltək yerindən qımıldanmadı və özünü təmizə çıxarmaq üçün bir kəlmə belə söyləmədi. Onun bu susqunluğunun arxasında nifrətdən daha dərin bir duyğu gizlənirdi və bunu ətrafda hər kəs hiss edirdi. Əgər Lonqren Mennersin ölümə qarşı uğursuz mübarizədə son çırpıntılarını görərkən nəsə söyləsəydi, hər hansı əl-qol hərəkəti, ya da vurnuxması ilə qarşısındakının fəlakətinə sevindiyini büruzə versəydi, balıqçılar onu anlayardılar. Amma o hər kəsdən fərqləndi, soyuq vüqarını nümayiş etdirdi, anlaşılmaz sükutu ilə özünü ətrafdakılardan üstün tutdu, bir sözlə, bağışlanmayacaq hərəkətə yol verdi. Bundan belə qarşılaşanda heç kəs ona təzim etmədi, əl uzatmadı, salamlaşmadı, hətta baxışlarını yan qaçırdı. O, kənd işlərindən həmişəlik uzaq düşdü; qarşısına çıxan oğlan uşaqları elə hey arxasından çığırdılar: “Lonqren Mennersi batırıb!” O bunların heç birinə məhəl qoymadı. Deyəsən, meyxanada, ya da sahildə balıqçıların onu görərkən susduqlarını, hətta taunlu xəstə ilə rastlaşıblarmış kimi bir kənara çəkildiklərini də heç vecinə almadı, qulaqardına vurdu. Mennersin aqibəti Lonqrenlə ətrafdakılar arasında onsuz da çoxdan yaranmış soyuqluğu tamamilə möhkəmlətdi. İndi bitkinləşən bu soyuqluq tərəflər arasında davamlı qarşılıqlı nifrət doğurdu və bu hissin kölgəsi Assolun da üzərinə düşdü.

Qız rəfiqələrsiz böyüyürdü. Kapernada yaşayan otuza yaxın həmyaşıdı ailə tərbiyəsindən irəli gələn kobudluğu canlarına süngərtək çəkmişdi. Onlar nüfuz yeri saydıqları valideynlərinin təsiri ilə balaca Assolu həmişəlik öz himayə və diqqətləri kənarında saxladılar. Bu, sözsüz ki, tədricən baş verdi, böyüklərin öyüd-nəsihəti və övladlarını qızcığazın yanında görərkən geri haylamaları getdikcə qorxulu qadağa şəklini aldı. Evlərində baş verənlərlə bağlı vaxtaşırı eşitdikləri dedi-qodu və mühakimələr uşaq təfəkküründə matrosun evinə münasibətdə dərin qorxuya səbəb oldu.

Lonqrenin qapalı həyat tərzi də qorxulu şayiələrin sürətlə yayılmasına rəvac verdi; deyilənlərə görə, guya nə vaxtsa haradasa kimisə qətlə yetirib, elə bu səbəbdən də onu daha gəmiyə yaxın buraxmırlar, özüsə “cinayətkar vicdanını heç cür susdura bilmədiyi üçün” qaraqabaq və adamayovuşmazdır. Uşaqlar oynayarkən əgər Assol onlara yaxınlaşardısa, qızcığaz oradan şəksiz qovulurdu. Bununla sakitləşməyən dəstə ona palçıq atır və ardından ələ salaraq deyirdi ki, guya atası vaxtilə adam əti yeyib, indisə saxta pullar düzəldir. Zavallı qızcığazın yaşıdlarına hər yaxınlaşma cəhdi acı göz yaşları, üzündə cırmaq izləri və ictimai fikrin digər təzahürləri ilə başa çatırdı. Nəhayət, ünsiyyət cəhdindən əl çəkən Assol, bununla belə, atasına vaxtaşırı eyni suallar verməkdə davam etdi:

– Ata, axı bizi niyə sevmirlər?

– Eee, Assol, məgər onlar sevməyi bacarırlar? Sevməyi bacarmaq lazımdır, bu onların biləcəyi şey deyil, – Lonqren söyləyirdi.

– Bacarmaq necə olur ki? – qız israrla soruşurdu.

– Bax belə! – Lonqren qızını qollarının arasına alıb kədərli gözlərindən möhkəm-möhkəm öpür və Assol atasının bu hərəkətindən xoşhal olub gözlərini qıyırdı.

Assolun sevimli əyləncəsi atası axşamlar, ya da bayram günlərində yapışqan bankalarını, alətləri və yarımçıq qalmış işini bir kənara qoyub, önlüyünü çıxarıb damağında tənbəki çubuğu dincini almaq üçün əyləşəndə onun dizlərinə dırmaşıb qolları arasında yerini rahatlaya-rahatlaya oyuncaqların müxtəlif hissələrinə toxunmaq, onların təyinatı barədə sorğu-suala tutmaq idi. Beləcə, ata qızına həyat və adamlar haqqında bir az əfsanəvi, bir az da fantastik mühazirə söyləməyə başlayırdı. Lonqrenin əvvəlki həyat tərzinin sayəsində bu mühazirədə əsas yer təsadüflərə, əcaib, heyranedici və qeyri-adi macəralara yer verilirdi. Qızına gəmi iplərinin, yelkənlərin, dənizdə lazım ola biləcək digər mayehtacların adlarını çəkə-çəkə tədricən özü də əyləncəyə dalır, izahlardan müxtəlif epizodlara keçirdi. Bu epizodlarda gah braşpil[2 - Braşpil – gəmilərdə lövbəri qaldırmaq üçün mexanizm], gah sükan çarxı, gah dorağacı, gah da hansısa qayıq əsas rolda çıxış edirdi. Bununla da kifayətlənməyən Lonqren daha sonra ayrı-ayrı təsvirlərdən dəniz səyahətinin geniş mənzərəsinə keçir, xəyalları gerçəklə, gerçəyisə xəyallarla qarışdırırdı. Burada zolaqlı pişiyə də, gəminin qəzaya uğrayacağını öncədən xəbər verən qarıya da, səmti itirməmək üçün əmrlərinə qulaq asmaq məcburiyyətində qaldığın, dil-dil ötən uçan balığa da, azğın heyəti ilə birgə kabus gəmiyə də rast gəlmək olardı. Əlamətlər, kabuslar, su pəriləri, dəniz quldurları – bir sözlə, gəmi limanda lövbər salanda, ya da dənizçinin sevimli meyxanasında uydurduğu əfsanələr. Lonqren həmçinin gəmiləri qəzaya uğramış, tənha adalara düşmüş, vəhşiləşmiş və danışmağı unutmuş dənizçilərdən, sirli xəzinələrdən, sürgün edilmiş adamların qiyamından və bir çox başqa şeylərdən danışırdı. Qız sanki Kolumbun yeni materik barədə ilk hekayətini dinləyirmiş kimi atasının söhbətlərinə son dərəcə diqqətlə qulaq asırdı. Lonqren yorulub, ya da fikrə dalıb susanda Assol onun yaxasını dartışdırır, “Bir az da danış”, – deyə xahiş edirdi. Beləcə, balaca qızcığaz atasının möcüzəli hekayətlərini dinləyə-dinləyə Lonqrenin qucağındaca yuxuya gedirdi.

Assol bir də şəhər oyuncaq dükanından onlara təşrif buyuran və Lonqrenin əl işlərini xüsusi həvəslə alan satıcının gəlişinə çox sevinirdi. Dükan xidmətçisi sövdələşməni yumşalda və oyuncaqları daha ucuz götürə bilmək üçün qızcığaza hər dəfə bir neçə alma, şirin kökə, ya da bir ovuc fındıq gətirərdi. Alveri heç xoşlamayan Lonqren, adətən, işinin əsl dəyərini istəyirdi, satıcı isə həmişə qiyməti öldürürdü. “Nə deyim sizə, – Lonqren söyləyirdi, – bu botun[3 - Bot – avarlı, yelkənli və ya motorlu kiçik gəmi] üzərində düz bir həftə əlləşmişəm. – Bot beşgünbəzli idi. – Gör bir necə möhkəmdir, hələ sığallı olmasını demirəm. O, istənilən havada on beş nəfərə tab gətirər”. Lonqren bunları dilinə gətirsə də, almasını əlində oynadan qızının sevinc dolu gözlərinə baxıb mübahisə etməkdən əl çəkir, satıcı ilə razılaşırdı. Beləcə, o, güzəşt edir, mağaza xidmətçisi isə səbətini qəşəng olduğu qədər möhkəm oyuncaqlarla doldurub qımışa-qımışa oranı tərk edirdi. Lonqren bütün ev işlərini özü görürdü: odun doğrayır, su daşıyır, soba qalayır, xörək bişirir, paltar yuyur, ağları ütüləyir və üstəlik, pul qazanmaq üçün oyuncaqlar düzəldirdi. Assolun səkkiz yaşı tamam olanda atası ona oxumağı və yazmağı öyrətdi. Lonqren qızını aradabir özü ilə şəhərə aparırdı, sonra dükançıdan pulu götürmək, ya da ora mal çatdırmaq üçün hətta tək də buraxmağa başladı. Hərçənd bu, nadir hallarda baş verirdi. Lissa Kapernadan dörd verst[4 - Verst – 1,05 kilometrə bərabər uzunluq ölçüsü] aralıda yerləşsə də, yol meşədən keçirdi. Oradasa qız uşağını çox şey qorxuda bilərdi və bunu nəzərdən qaçırmamaq lazım idi. Bu səbəbdən Lonqren qızını təkcə günəşli havada, özü də səhər saatlarında şəhərə buraxırdı. Çünki yalnız bu zaman həssas qəlbli Assolun təhlükədən uzaq olacağına ümid edirdi.

Qızcığaz şəhərə məlum səyahətlərinin birində səbətinə səhər yeməyi kimi qoyulan bir tikə piroqu yemək üçün yol kənarında oturdu. O, tikəsini dişləyə-dişləyə oyuncaqları bir-bir gözdən keçirməyə başladı; bir-ikisini ilk dəfə görürdü: Lonqren bunları gecə düzəltmişdi. Yeni oyuncaqlardan biri balaca yaxta idi; usta ağ gəmiciyin al yelkənlərini vaxtilə varlı bir alıcının sifarişiylə düzəltdiyi paroxod üçün işlətdiyi ipəyin qırıntılarından tikmişdi. Yəqin, yaxtanın yelkənləri üçün uyğun material tapa bilməmiş, elə əlinin altında olan al ipəyin qırıntılarından istifadə eləmişdi. Assol lap heyran qalmışdı. Əlində sanki oyuncaq yaxta deyil, yanar od tutmuşdu. Yolla üzərindən şüvül körpü keçən kiçicik bir çay kəsişirdi; çay sol tərəfdən meşəyə tərəf istiqamət alırdı. “Əgər onu suya buraxsam, – Assol ürəyində düşündü, – yəqin ki, islanmaz, bir də ki sonra silə də bilərəm”. Qız çayın axını ilə azacıq meşəyə tərəf gedib əlindəki yaxtanı ehmalca suya saldı; al yelkənlər anındaca şəffaf suda əks olundu: parçanı dəlib keçən işıq suyun dibindəki ağ daşların üzərində çəhrayı rəngə boyandı. “Kapitan, sən haradan gəlmisən? – Assol ciddi sifət alıb soruşdu və elə özü də cavabında dedi: – Mən… mən Çindən gəlmişəm. – Bəs sən nə gətirmisən? – Nə gətirdiyimi söyləməyəcəm. – Deməyəcəksən, kapitan?! Onda səni geriyə, səbətə göndərəcəm”. Kapitan zarafat etdiyini və fili göstərməyə hazır olduğunu demək istəyirdi ki, birdən axın yaxtanın burnunu çayın ortasına tərəf çevirdi və gəmi tam sürət götürüb aşağı üzdü. Hadisələrin bu cür gedişatı görüntünü də kökündən dəyişdi: indi balaca çay da, yaxta da qızın gözündə əl çatmayacaq qədər böyüdü. Özünü itirmiş Assol əlini cəld irəli uzatsa da, yaxtanı tuta bilmədi. “Kapitan qorxdu”, – öz-özünə fikirləşib uzaqlaşan oyuncağın ardınca qaçdı və yaxtanın hansısa daşa ilişib qalacağına ümid etdi. Ağır olmasa belə, hazırda ona əməllicə mane olan səbəti də daşıya-daşıya elə hey təkrarladı: “Allahım! Elə et ki, yaxtanı tuta bilim…” Al yelkənləri gözdən itirməməyə çalışan qızcığaz büdrəyir, yıxılır və yenidən qaçırdı.

Assol heç vaxt meşənin bu qədər dərinliyinə getməmişdi. Hər necə olursa-olsun oyuncağı tutmaq istəyən qız ətrafına belə baxmırdı; ətrafında vurnuxduğu sahildə kifayət qədər maneə vardı. Böyrü üstə düşmüş ağacların mamır basmış gövdələri, çala-çuxurlar, hündür qıjı, itburnu, jasmin və fındıq ağacı ona hər addımda mane olurdu; hər dəfə müxtəlif maneənin öhdəsindən gəlmək məcburiyyətində qalan qız tədricən gücdən düşür, dincini almaq, ya da üzünə yapışmış hörümçək torunu təmizləmək üçün daha tez-tez dayanmalı olurdu. Qaraqovaq və qarğı cəngəlliklərinin sıx olduğu yerlərdə Assol az qalmışdı al yelkənləri gözdən itirsin, amma çayın döngəsini ötüb-keçən kimi təmkinlə və durmadan uzaqlaşan yaxtanı yenidən gördü. Qız bircə dəfə ətrafa nəzər saldı və bayaqdan ona işıqlı görünən meşənin indi sıx cəngəlliklər sayəsində ala-torana qərq olduğunu görüb dəhşətə gəldi. Özünü bir anlıq itirsə də, oyuncağı xatırlayıb bir neçə dəfə dərindən ah çəkdi və yenidən var gücü ilə qaçmağa başladı.

Bir saata yaxın qan-tər içində qaçan Assol irəlidə ağacların seyrəldiyini görüb həm təəccübləndi, həm də çox sevindi. Qızcığaz ağacların arasından sarı qumsal uçuruma çıxanda yorğunluqdan dizləri titrəyirdi. Bura çayın mənsəbi idi: çayın suyu məhz burada mavi dəniz dalğası ilə qarşılaşırdı. O qədər də hündür olmayan, kök basmış uçurumun kənarında dayanan Assol çayın qırağında, iri sal daşın üzərində bir adamın arxası ona tərəf oturduğunu gördü. Əlində Lonqrenin düzəltdiyi o başıbəlalı yaxtanı tutan bu adam oyuncaq gəmini oyan-buyana çevirir, son dərəcə diqqətlə nəzərdən keçirirdi. Oyuncağın, heç olmasa, salamat olduğunu görən Assol az da olsa sakitləşdi və ayaq barmaqlarının ucunda yad adama yaxınlaşıb nəzərlərini ona dikdi, kişinin başını yuxarı qaldırmasını gözlədi. Amma bu adamın başı meşə sürprizinə necə qarışmışdısa, qız onu təpədən dırnağadək müşahidə etməyə macal tapdı. Assol müşahidələrindən belə qənaətə gəldi ki, indiyədək ona bənzər birisi ilə rastlaşmayıb.

Nəzərinizə çatdıraq ki, qızın qarşısında elə də adi adam oturmamışdı. Bu, mahnı, əfsanə, rəvayət və nağıl toplaması ilə ətrafda məşhur olan səyyah Eql idi. Kişinin həsir şlyapasının altından çallaşmış buruq saçları sallanırdı; göy şalvarı və boz köynəyi, uzunboğaz çəkmələri onu ovçuya bənzədirdi; ağ yaxalıq, qalstuk, gümüş piləkli kəmər, əsa və təzə nikel qıfıllı çanta onun şəhərli olduğunu ələ verirdi. Boz və polad kimi parlaq gözləri, cəsur və güclü baxışları olmasaydı, çal və gur saqqalı ilə şota bığlarının arasında itib-batmış üzü, bəlkə də, solğun görünərdi.

– Yaxşı-yaxşı baxdınsa, indi mənə qaytar, – qız qətiyyətsiz şəkildə dilləndi. – Onunla bəs deyincə oynadın. Yaxtanı necə tuta bildin ki?

Həyəcandan və qaçmaqdan yanaqları pörtmüş Assol elə qəfil səsləndi ki, əlindəki oyuncağı bilaixtiyar yerə salan Eql başını yuxarı qaldırdı. Qoca çal saqqalını sığallaya-sığallaya, üzündə təbəssüm qarşısındakı qızcığazı bir dəqiqə nəzərdən keçirdi. Dəfələrlə yuyulduğundan rəngi solmuş çit paltar Assolun arıq, günəşdən qaralmış ayaqlarını dizəcən örtürdü. Qızın hər cizgisi göydə pərvaz edən qaranquştək yüngül və təmiz idi. Qara, azacıq kədərli sual dolu gözləri üzünə nisbətdə bir az yaşlı görünürdü; sağlam, bəyaz çöhrəsinin günəşdən qaralması şübhə yeri qoymurdu. Azacıq aralı qalmış balaca dodaqlarına mülayim təbəssüm qonmuşdu.








– And olsun Qrimm qardaşları, Ezop və Andersenə, – gah qıza, gah da yaxtaya nəzər salan Eql dilləndi, – bu nəsə qeyi-adi bir şeydir. Əzizim, bu sənindir?

– Bəli, bayaqdan onu tutmağa çalışıram; elə bildim qaçmaqdan öləcəm. O, burada idi?

– Düz mənim ayaqlarımın altında. Gəmi qəzaya uğrasa da, sahil qulduru kimi bu mükafatı sənə təqdim edə bilərəm. Heyət tərəfindən atılmış yaxta üçverşokluq dalğanın sayəsində sahilə vurulub çıxarılıb və mənim sol dabanımla əsanın arasında ilişib qalıb. – O, əsasını taqqıldatdı. – Balaca, sənin adın nədir?

– Assol, – Eqlin ona uzatdığı oyuncağı səbətində gizlədən qız dedi.

– Yaxşı, – mehriban gözlərini qızdan çəkməyən qoca müəmmalı nitqinə davam elədi. – Əslində, heç sənin adını soruşmamalıydım. Onun əcaib, birrəng, ox fiti, ya da dəniz balıqqulağısının küyü kimi musiqili olması lap yerinə düşdü. Əgər adın qulaqlarımızın öyrəşdiyi, xoşavaz, amma yenə də Əsrarəngiz Naməlumluğa özgə olan sıradan bir şey olsaydı, neyləyərdim? Üstəlik, sənin kim olduğunu, valideynlərinin adını və harada yaşadığını bilmək istəmirəm. Niyə sehrə qarşı çıxaq ki? Bax bu daşın üstündə oturub fin və yapon süjetlərinin müqayisəli tədqiqi ilə məşğul idim ki… birdən ayaqlarımın altında bu yaxtanı gördüm, sonra sən peyda oldun… Elə olduğun kimi. Əzizim, mən ruhən şairəm – hərçənd heç vaxt şeir qoşmamışam. Səbətində nə var?

– Qayıqlar, – səbətini silkələyən Assol dedi, – bir də paroxod, üç ədəd də bayraqlı ev. Orada əsgərlər yaşayırlar.

– Əla. Səni onları satmağa göndəriblər. Yolda başın oynamağa qarışıb. Yaxtanı üzmək üçün suya buraxmısan, o isə səndən qaçıb – düz deyirəm?

– Məgər sən görmüsən? – bütün bunları özünün danışıb-danışmadığını xatırlamağa çalışan Assol şübhə içində soruşdu. – Sənə kimsə söyləyib? Yoxsa özün anlamısan?

– Mən bunu bilirdim. Çünki mən sehrbazların sehrbazıyam.

Assol karıxıb qaldı: Eqlin son sözləri onu hətta qorxuya saldı. Xəlvət sahil, səssizlik, yaxtanın başına açdığı oyun, parlaq gözlü qocanın müəmmalı nitqi, üstəlik, onun uzun çal saqqalı və saçları qıza gerçəkliklə fövqəladənin həqiqətlə qarışdırılması təsiri bağışladı. İndi Eql üz-gözünü əysə, ya da birdən qışqırsaydı, Assol dabanlarına tüpürüb qaçardı. Amma qızın gözlərinin bərəldiyini sezən qoca nağılbaz qəfil dövrə vurdu.

– Məndən qorxma, – ciddi görünüş alıb dedi. – Əksinə, səninlə səmimi bir söhbət etmək istəyirəm. – O yalnız bu zaman anladı ki, qızın üzündə qeyri-adi bir ifadə əks olunub. “Füsunkar, xoşbəxt həyatın qeyri-iradi gözləntisi, – qoca qərara aldı. – Ah, mən niyə yazıçı doğulmamışam? Əla süjet alınardı”.

– Hə-ə, – maraqlı şəraiti daha bitkin şəklə salmaq istəyən Eql sözünə davam etdi (əfsanə uydurmağa meyillilik – daimi işinin nəticəsi – naməlum mühitə böyük bir arzunun toxumlarını səpmək qorxusundan daha güclü idi), – hə-ə, Assol, məni diqqətlə dinlə. Mən o kənddə olmuşam – yəni haradan ki sən gəlirsən, Kapernanı deyirəm. Mən nağıllar və mahnıları sevirəm, elə bu səbəbdən hələ indiyədək eşitmədiyim bir şey öyrənmək üçün gün ərzində o kənddə oturdum. Amma sizdə nağıl danışmırlar. Heç mahnı da oxumurlar. Hətta danışsalar və oxusalar belə, bu, olsa-olsa, kələkbazlığı vəsf edən hiyləgər kişilər və əsgərlər haqqında hekayətlərdir. Ya da ən çoxu yuyulmamış ayaqlar təki çirkli, quruldayan qarıntək kobud, dördmisralıq məzmunsuz şeirlər… Dayan görüm, deyəsən, söhbətdən uzaqlaşdım. Qoy təzədən başlayım. – Bir az fikrə gedib sözünə davam etdi: – Bilmirəm neçə il keçəcək və Kapernada uzun illər dillərdən düşməyəcək, əfsanəyə çevriləcək hadisə yaşanacaq. Assol, o zaman sən böyük qız olacaqsan. Günlərin birində dənizdə al yelkənlər peyda olacaq. Günəşin şəfəqləri altında bərq vuran bu al yelkənli ağ gəmi dalğaları yararaq düz sənə tərəf hərəkət edəcək. Bu ecazkar gəmi heç bir yaylım atəşi açmadan sakitcə limana yan alacaq; sahilə yığışan camaat təəccübdən bir ağızdan ah çəkəcək: sən də onların arasında olacaqsan. Gəmi gözəl musiqi sədaları altında düz sahilə gəlib çatacaq; xalçalarla döşənmiş bər-bəzəkli bir qayıq ondan ayrılıb adamlara tərəf üzəcək. “Bura niyə gəlmisiniz? Kimi axtarırsınız?” – sahildəki adamlar qayıqdakılardan soruşacaq. Onda sən gözəl və cəsur şahzadəni görəcəksən; ayaq üstə dayanan bu gənc əllərini sənə tərəf uzadacaq. “Assol, salam! – o deyəcək. – Buradan çox-çox uzaqda səni röyamda gördüm və indi bura səni özümlə səltənətimə həmişəlik aparmaq üçün gəlmişəm. Orada mənimlə birgə çəhrayı vadidə yaşayacaqsan. Orada arzuladığın hər şeyə sahib olacaqsan; səninlə elə şən və mehriban ömür sürəcəyik ki, o gözəl gözlərin yaş, ruhunsa kədər nədir bilməyəcək”. Şahzadə səni qayığa mindirib gəmisinə aparacaq və onun səltənətində uzun, bəxtiyar bir həyat yaşayacaqsınız. Ulduzların hamısı pişvazına çıxmaq üçün göydən yerə enəcək.

– Bütün bunlar mənim başıma gələcək? – qız yavaşca soruşdu. Onun ciddi gözləri etibar dolu təbəssümə qərq oldu. Təhlükəli sehrbaz, sözsüz ki, bu cür sözlər deməzdi; Assol qocaya yaxınlaşdı. – Bəlkə, artıq gəlib… həmin gəmini deyirəm?

– Bu qədər tez gözləmə, – Eql etiraz elədi, – əvvəlcə söylədiyim kimi, böyüməlisən. Sonra… Nə deyim ki? – əlbəttə ki, bu baş verəcək. Onda sən nə edərdin?

– Mən? – Qız səbətinə baxdı, amma, deyəsən, qocanı mükafatlandıra biləcək tutarlı bir şey tapmadı. – Mən onu sevərdim, – söylədi, sonra qətiyyətsiz səslə əlavə elədi: – Əgər o dalaşmırsa.

– Yox, o, dalaşqan olmayacaq, – sehrbaz göz vurub dedi, – səninlə heç dalaşmayacaq, buna əmin ola bilərsən. İndisə yoluna davam elə, hə, bir də bu qocanın ətirli araq içməsinə və sürgündə olanların mahnıları barədə düşüncələrinə ara verib sənə söylədiklərini unutma. Get, qoy yolun açıq olsun!

Lonqren öz balaca dirriyində kartof əkirdi. Başını qaldıranda qızının üzündə təbəssüm və səbirsiz bir ifadə ilə ona tərəf qaçdığını gördü.

– Axır ki, gəlib çatdım… – nəfəsinə sahiblənməyə çalışan Assol hər iki əli ilə atasının önlüyündən yapşıb dedi. – Gör bir sənə nə danışacam… Sahildə, orada, lap uzaqda daşın üstündə bir sehrbaz oturub… – Beləcə, sehrbazla tanışlıqdan başlayıb onun gələcəyi xəbər verməsinədək hər şeyi danışmağa çalışdı. Həyəcan və təlaş ona yaşadıqlarını rahat anlatmağa mane olurdu. Sonra sehrbazın zahiri görkəminin təsvirinə keçdi və lap axırda əldən buraxdığı yaxtanın ardından necə qaçmağından danışdı.

Lonqren baxışlarına ciddiyyət verib qızını sözünü kəsmədən sonadək dinlədi və Assol hekayətini bitirdikdə bir əlində ətirli araq şüşəsi, digərində oyuncaq tutan naməlum qocanı təsəvvüründə çətinlik çəkmədən canlandırdı. Sabiq matros arxasını qızına tərəf çevirib işinə davam etməyə hazırlaşdı, amma uşağın həyatında baş verən böyük hadisələrə laqeyd qalmağın o qədər də yaxşı iş olmadığını düşünüb yenidən ciddi görünüş aldı və təntənəli şəkildə söylədi: – Hə, anladığıma görə, təsvir etdiyin bu adam gerçəkdən sehrbazdır. Onu görmək istərdim… Amma bir də şəhərə gedəndə yolunu sapdırma; meşədə aza bilərsən.

Əlindəki kürəyi bir tərəfə tullayan Lonqren alçaq çəpərə söykənib oturdu və qızını dizlərinə götürdü. Qaçmaqdan əldən düşmüş Assol bir az da təfərrüata varmaq istədi, amma bürkü, həyəcan və yorğunluq öz işini gördü. Gözləri xumarlandı, başı atasının möhkəm çiyinlərinə tərəf əyildi, daha bir dəqiqə və o, röyalar dünyasına baş vuracaqdı ki, birdən ağlına gələn qəfil şübhədən narahat olub dikəldi, gözləri hələ də yumulu halda, yumruqlarını Lonqrenin jiletinə dirəyib hündürdən söylədi:

– Necə bilirsən, sehrli gəmi məni aparmağa gələcək, ya yox?

– Gələcək, – matros sakitcə cavab verdi, – əgər sənə belə deyiblərsə, deməli, bu doğrudur.

“Böyüyər, unudar, – öz-özünə düşündü, – indisə… xəyallarını çala bilmərəm. Eh, gələcəkdə o qədər al olmayan, çirkli və yırtıcı yelkənlər görəcək ki: uzaqdan – bər-bəzəkli və ağ, yaxınlaşanda – cırıq və həyasız. Yoldan keçən birisi qızımla zarafat edib. Olsun! Xeyirxah zarafatdır! Digər tərəfdənsə zarafata bax eee! Gör səni necə əldən salıb, – günün yarısını meşənin dərinliyində keçirmisən. Al yelkənlər haqqındasa elə mənim kimi düşün: sənin al yelkənlərin olacaq”.

Assol yatırdı. Lonqren sərbəst əli ilə tənbəki çubuğunu çıxarıb damağına basdı, külək tüstünü alıb çəpərdən o yana, dirriyin çöl tərəfində bitən kolluğa apardı. Burada dişlərinin arasında piroq çeynəyən cavan bir dilənçi oturmuşdu. Ata ilə qızın söhbəti onun əhvalını əməlli-başlı açmışdı, yaxşı tütün qoxusu isə fürsətçilik qabiliyyətinə köklənməyə təhrik elədi.

– Səxavətli adam, bu zavallını da qonaq elə, – çəpərin o başından dilləndi. – Mənim tütünüm səninki ilə müqayisədə zəhərdir.

– Verərdim, – Lonqren alçaqdan dilləndi, – amma tütünüm cibimdədir. Əlimi cibimə salsam, qızımı şirin yuxusundan edəcəm.

– Qiyamət qopmaz! Oyanar, yenidən yuxuya gedər, əvəzində məni tütünə qonaq etməklə savab qazanarsan.

– Bura bax, – Lonqren etiraz elədi, – sənin öz tütünün var, uşaqsa yorulub. Belə çox istəyirsən, bir azdan qayıdıb gələrsən.

Dilənçi nifrət dolu baxışlarını ona dikib yerə tüpürdü, boğçasını çubuğun ucuna keçirib zəhərini işə saldı:

– Gözlə, şahzadənin zəri tökülməsin. Uşağın başını gic-gic şeylərlə doldurmusan. Nə bilim uzaqlardan gəmi gələcək, onu alıb buralardan aparacaq! Əcəb atasan!

– Deyəsən, – Lonqren hirslə pıçıldadı, – qızımı oyatmalı olacam, bilirsən niyə, sənin o yağlı peysərinə bir yumruq atmaq üçün. Cəhənnəm ol burdan!

Dilənçi artıq yarım saat sonra bir dəstə balıqçı ilə meyxanada oturub söhbət edirdi. Kişilərin arxasında gah ərlərinin qollarını dartışdıran, gah da çiyinlərinin üstündən əyilərək araq qədəhlərini götürüb başlarına çəkən boylu-buxunlu, qalın qaşlı, yumru bədənli qadınlar oturmuşdular. Acığından od püskürən dilənçi az əvvəl başına gələnləri əl-qol ata-ata danışırdı:

– Mənə bir damcı da olsa tütün qıymadı. – “Sən, – deyir, – həddi-büluğa çatacaqsan və o zaman arxanca… al yelkənli bir gəmi gələcək. Çünki sənin nəsibin şahzadəyə ərə getməkdir”. Bir də deyir ki, o sehrbazın sözlərinə inan. Mənsə deyirəm: “Qızını oyat, cibindəki tütündən çıxarıb mənə ver”. Kişinin oğlu məni tütünə qonaq eləməyin dərdindən min cür bəhanə gətirdi, bu da azmış kimi, məni döymək istədi.

– Kim? Nə? Nədən bəhs edir ki? – qadınlar maraqlarını öldürməyə çalışdılar.

Başlarını arxaya çevirməyə ərinən balıqçılar rişxəndlə şərh verməyə başladılar:

– Lonqrenlə qızı vəhşiləşib, ya da ağılları azıb; bu da Allah şahidi. Guya sehrbaz qonaqları olub. Arvadlar, qulaqlarınızı açın, yaxşı-yaxşı dinləyin: guya bunlar uzaq ellərdən gələn şahzadə gözləyirlər, özü də al yelkənli!

Üç gündən sonra şəhər dükanından qayıdan Assol bu sözləri eşitdi:

– Ey, başdanxarab! Assol! Ora bir bax! Al yelkənlər üzür!

Eşitdiklərindən səksənən qız bilaixtiyar başını çevirib dənizə tərəf baxdı. Sonra səs gələn tərəfə boylandı; orada, ondan iyirmi beş addım məsafədə bir yığın uşaq dayanmışdı; onlar üz-gözlərini əyir, qıza dil göstərirdilər. Assol dərindən ah çəklib evə tərəf qaçdı.




II

QREY


Əgər Sezar Romada ikinci olmaqdansa kənddə birinci olmağı seçirdisə, Artur Qrey məşhur sərkərdənin bu müdrik arzusuna qibtə etməyə bilərdi. Çünki o, kapitan doğulmuşdu, kapitan olmaq istəyirdi və elə axırda kapitan oldu da.

Qreyin doğulduğu olduqca böyük ev zahirdən nə qədər dəbdəbəli görünsə də, daxildə sıxıcı idi. Parkın bir hissəsi və güllük binanın ön tərəfinə açılırdı. Zanbaqların ən yaxşı növləri – gümüşü-mavi, bənövşəyi və çəhrayı kölgəli qara – qazona boyundan asılan şıltaq boyunbağı təki səpilmişdi. Qocaman ağaclar gah sağa, gah da sola burulan çayın kənarlarında seyrək ala-toranda mürgüləyirdi. Qəsrin hasarı dəmir naxışlarla birləşdirilmiş buruq-buruq çuqun sütunlardan ibarət idi. Hər sütun yuxarıda təmtəraqlı çuqun zanbaqla tamamlanırdı; bu piyalələr təntənəli günlərdə yağla doldurulur və gecənin zülmətində şölələnirdi.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/aleksandr-grin/al-yelk-nl-r-68289793/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Sajın – 3 arşına və ya 2,134 metrə bərabər uzunluq ölçüsü




2


Braşpil – gəmilərdə lövbəri qaldırmaq üçün mexanizm




3


Bot – avarlı, yelkənli və ya motorlu kiçik gəmi




4


Verst – 1,05 kilometrə bərabər uzunluq ölçüsü



Məşhur yazıçı Aleksandr Qrinin şah əsəri sayılan “Al yelkənlər” əsərində müəllif insanları başqaları üçün möcüzələr yaratmağa çağırır.

Как скачать книгу - "Al yelkənlər" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Al yelkənlər" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Al yelkənlər", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Al yelkənlər»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Al yelkənlər" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги серии

Книги автора

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *