Книга - Başsız atlı

a
A

Başsız atlı
Mayn Rid


Dünya ədəbiyyatından seçmələr
İki gəncin mübarizəsi fonunda 19-cu əsr Amerikasının müstəmləkəçilik siyasəti, qul alverinin dəhşətləri, amerika hindularının həyatı… Bütün bunlar "Başsız atlı" romanından qırmızı xətlə keçir.





Mayn Rid

BAŞSIZ ATLI





PROLOQ


Gecənin səssizliyində Texas maralı at ayaqlarının tappıltısını eşidib diksindi. Lakin yerindən qalxmadı. Bu geniş düzənlik təkcə onun deyil ki; buralarda gecələr vəhşi atlar da otlayır. Başını azca qaldırdı. Qulaq verdi, səs təkrar ediləcəkmi? Yenə də at ayaqlarının tappıltısı eşidildi. Bu dəfə metal cingildədi. Daşa dəyən polad səsi idi. Bu səs maralı təşvişə saldı. Cəld yerindən sıçrayıb düzənliyə qaçdı. Xeyli qaçdıqdan sonra dayanıb geriyə baxdı. Maral süd kimi ay işığında ən qəddar düşməni olan insanı tanıdı. İnsan at belində yaxınlaşırdı. Maral yenə qaçmaq istədi, lakin atlının əcaib görünüşünü sezib yerindəcə donub-qaldı. Maralın qonur gözlərindən qorxu və heyrət yağırdı. Onu heyrətə salan at deyildi, atın üstündəki məxluq idi.

İlahi, atlının başı yox idi!

Maral bundan bir şey anlamayaraq düzənliyin içərilərinə qaçdı. Bir də geriyə baxmadı. Başsız atlı isə maralın ürkməsinə əhəmiyyət vermədən öz yoluna davam etdi. Atın cilovu boşalmışdı, arabir dayanıb otları qırpırdı. Atlının çiynində enli Meksika plaşı vardı, külək arabir onu yellədirdi. Atlı başı üzərində sayrışan ulduzlar kimi dinməz, səhra küləyi kimi qayğısız halda yoluna davam etdi.




Yanmış düzənlikdə


Günəş böyük Texas çölü üzərində parıldayırdı. Çöldə bir neçə furqon görünürdü. Onlar bir-birinin ardınca düzülərək isti çöl ilə gedirdi. Uşaqlı kölə qadınlar furqonlara minmişdilər, kişilər isə furqonların yanı ilə yeriyirdilər.

Dəstənin başında gedən atlı plantasiya sahibi Vudli Poyndekster idi. O, ailəsi ilə birlikdə Leona çayı sahilindəki yeni malikanəsinə köçürdü. Bu, əlli yaşında, hündürboy bir adam idi. Sadə, lakin qəşəng geyinmişdi. Başında enli həsir şlyapa vardı. Onunla yanaşı iki atlı gedirdi. Sağ tərəfdəki oğlu Henri idi. O biri atlı plantasiya sahibinin bacısı oğlu idi – Kassi Kolhaun. İstefaya çıxmış zabitdi. Onların arxasınca gedən karetdə iki qız oturmuşdu. Bunlardan birinin dərisi elə bəyaz idi ki, adamın gözünü qamaşdırırdı. Bu, Poyndeksterin yeganə qızı Luiza idi. O biri isə onun kənizi idi.

Günorta idi. Plantasiya sahibi hava qaralana qədər bu yolu qət etmək fikrində idi. Lakin dayanmalı oldular: qapqara yanmış düzənlikdə yolu seçmək mümkün deyildi. Elə bu zaman uzaqda bir atlı göründü. Paltarından meksikalıya oxşayırdı. Kolhaun naməlum adamı ispanca salamladı.

– Yox, canım, – naməlum adam gülümsəyib cavab verdi. – Mən meksikalı deyiləm. Güman edirəm, ingiliscə danışsam, siz məni daha yaxşı başa düşərsiniz. Sizin izləri təsadüfən gördüm. Hiss etdim ki, yolu itirmisiniz. Buna görə də atımı çapıb köməyə gəldim.

– Tərəfinizdən bu, alicənablıqdır. Olduqca minnətdarıq. Mənim adım Poyndeksterdir. Luizianalı Vudli Poyndekster. Mən Leona çayı kənarında, İnc qalası yaxınlığında malikanə almışam. Biz oraya şər qarışana çata bilərikmi?

– Çata bilərsiniz… Siz Leona çayını qaladan beş mil aşağıdan keçməlisiniz. Orada çay dayazdır. Mənim atımın izi ilə gələ bilərsiniz. Salamat qalın, cənablar!

Naməlum adam bunu deyib atını dördnala çapdı. Lakin heç on saniyə keçmədi ki, geri qayıtdı. Yol adamları onun bu hərəkətindən heyrətə gəldilər.

– Mister Poyndekster, qorxuram ki, izimi itirəsiniz, buradan vəhşi atlar keçib. İzlər qarışıb. Çox təəssüflənirəm ki, sizi müşayiət edə bilməyəcəyəm. Mən mühüm bir məktubu təcili qalaya çatdırmalıyam. Odur ki elə gedin ki, günəş sizin sağ tərəfinizdə qalsın. Beş mil gedib bir sərv ağacı görəcəksiniz. Orada çayı keçə bilərsiniz.

Gənc atlı yola düşmək istəyirdi ki, karetin pərdəsi arxasından ona baxan qara, parlaq gözləri gördü. İxtiyarsız olaraq məftun bir nəzərlə ona baxdı. Sonra saatına nəzər salıb:

– Hava dəyişir. Şimaldan buludlar gəlir. Bu buludlar bir saata günəşin qabağını tuta bilər. Bir təklifim də var: mənim kəməndimin izi ilə gedərsiniz!

Atlı kəndiri çıxarıb bir ucunu yerə atdı. Gözəl bir hərəkətlə şlyapasını çıxarıb karetə sarı təzim etdi və atını çapdı. Atın dalınca uzanan kəmənd düzənlikdə ilan izinə bənzər bir zolaq buraxdı.








Plantasiya sahibi atlının arxasınca baxa-baxa dedi:

– Çox qəribə oğlandır. Gərək adını soruşaydım.

Yanındakılar bir söz demədilər. Atlının karetə sarı təzim etməyi kapitan Kolhaunun nəzərindən qaçmamışdı.


***

Kəməndin izi o qədər aydın idi ki, hətta uşaq belə bu izi tutub gedə bilərdi. Plantasiya sahibinin kefi kökəlmişdi, hətta kölələrlə zarafatlaşırdı. Kölələr ondan qorxsalar da, ürəklərində onu sevirdilər. Çünki o heç vaxt kölələri şallaqla döydürməzdi.

Təkcə kapitan tutqun idi.








– Dayı, mənə elə gəlir ki, bu cavan oğlan bizi aldatdı. Biz beş mildən artıq yol getmişik, bəs sərv ağacı hanı?

Gənc Henri söhbətə qarışdı:

– Yox, Kassi, şübhələrin əsassızdır. Bir buraya bax.

Henri atının başını çəkib yol kənarındakı kaktus ağacının tikanına keçirilmiş kağızı göstərdi. Cəld kağızı götürdülər. Orada bir əl şəkli və "Sərv ağacı görünür" sözləri yazılmışdı. Hamı vərəqdə göstərilmiş istiqamətə baxdı.

– Orada heç bir şey yoxdur, – deyə Kolhaun inamla bildirdi.

– Sən səhv edirsən, Kassi, – Luiza sözə qarışdı. – Durbinlə bax.

Vudli Poyndekster durbini alıb baxdı və düzəngahda ucalan sərv ağacını gördü. Kolhaun atını mahmızladı və irəlidə çapmağa başladı.

Luiza sakit bir səslə:

– Henri, lütfən, o vərəqi mənə ver, – dedi.

Luiza vərəqin arxa tərəfində bir ad oxudu: Moris Cerald.




Qara şimal küləyi


Düzənliyin üzərində qəfildən qapqara qasırğa sütunları yüksəldi. Bu sütunlar yanıb kömürə dönmüş çöllüklə hərəkət edir, qəribə tərzdə burulur, gah da bir-birinin üzərinə əyilirdi. Belə qəribə hadisəni birinci dəfə görən adamlar qorxuya düşmüşdülər.

Karvan dayandı. Atlar kişnəşir, qatırlar hayqırırdı. Bu vaxt irəlidə xilaskar atlı göründü. O, furqonlara çatar-çatmaz:

– İrəli! Mümkün qədər tez, – deyə qışqırdı. – Bu çöldə şimal küləyi çox təhlükəlidir!

Plantasiya sahibi adamlara furqonları mümkün qədər tez sürmələrini əmr etdi. Karet və atlar qabaqda gedirdi. Naməlum atlı arxada gəlirdi. Bir qədər getdikdən sonra Poyndekster vahimə içində soruşdu:

– Təhlükə hələ keçməyibmi?

– Təəssüf ki, yox.

– Bəs əlac nədir? – deyə Poyndekster səsləndi.

– Çıxış yolu var. Qasırğadan yaxa qurtarmasaq da, təhlükədən yaxa qurtarmaq mümkündür. Əmr edin atların və qatırların başlarını sarısınlar ki, toz gözlərini kor etməsin. Adyal, baş yaylığı – nə varsa istifadə edin. Sonra adamların hamısı furqonların çadırları altına toplaşsın. Furqonların dörd bir tərəfi kip örtülsün.

Deyilənlər edildikdən sonra plantasiya sahibi və oğlu da cəld karetə girdilər.

Bundan sonra baş verənləri təsvir etmək çətindir. Bu təbii fəlakətin mənzərəsini heç kəs görmədi. Heç kəs cürət edib ona baxa bilmədi. Ətrafı zil qaranlıq bürümüşdü. Yalnız küləyin dəhşətli uğultusu eşidilirdi. Furqonların çadırları şaqqıldayırdı. Toz-duman hər yeri sarmışdı. Bu hal bir saat çəkdi.

Karetin pəncərəsi yanında naməlum atlının səsi eşidildi:

– Çıxa bilərsiniz. Təhlükə sovuşdu. Tufan ötüb-keçdi.

Plantasiya sahibi karetdən enərək:

– Ser, biz sizə minnətdarıq…

– …həyatımızla! – deyə Henri atasının sözlərinə əlavə etdi. – Lütfən, adınızı bizə söyləyin.

– Moris Cerald, – deyə atlı cavab verdi. – Ancaq qalada məni Moris-mustanger adı ilə tanıyırlar.

– Mustanger, – deyə Kolhaun həqarətlə donquldandı.




Xal-xal mustanq


Bu düzənlikdə heyvanlardan ən nəcibi və gözəli, insanın dördayaqlı dostlarından ən ağıllısı olan atlar otlayırdı. Mustanq adlanan bu atlar burada azad, vəhşi halda yaşayırdı. Moris-mustanger bu atları tutub əhliləşdirməklə gün keçirirdi. Onun daxması Alamo çayının sahilində idi. Daxmanın arxasında bir akr[1 - Akr – İngiltərə və Amerikada 4047 m2-ə bərabər sahə ölçüsü] sahə çəpərlə əhatə edilmişdi. Moris tutduğu mustanqları bura salırdı. Daxmanın içi at dəriləri ilə bəzədilmişdi. Burada at ovu üçün zəruri ləvazimat gözə dəyirdi.

Mustangerin nökəri Felim viskinin təsiri ilə öz-özünə danışırdı:

– Bilmirəm ağamız qəsəbəyə niyə belə can atır? Deyirdi ki, xal-xal mustanqı tutan kimi oraya gedəcək. Bu atı tutmaq haradan beyninə düşdü? Yəqin, burada bir iş var.

Daxmada yatmış Tara hürə-hürə qapıya cumdu.

– Felim! – bayırdan səs eşidildi.

– Aha, ağam gəldi.

Felim stuldan qalxaraq itin dalınca qapıya yönəldi.

Morisin atının boynu köpük içində idi. Yəhərin qaşına bağlanmış kəməndin ucunda yenicə tutduğu atı dartıb gətirirdi. Bu, qeyri-adi bir mustanq idi. Çöldəki vəhşi at ilxılarında beləsinə az-az rast gəlinər. Sinəsi enli, beli hamar, ayaqları nazik, xal-xal, gözəl bir at idi. Onu talvarın altına bağladılar.

Yorulub taqətdən düşmüş mustanger cəld çarpayısına uzandı. Felim yemək hazırlamağa başladı. Bu vaxt Tara bərkdən hürüb qapıya cumdu. İtin hürüşü sevincək bir zingilti ilə əvəz olundu. Felim:

– Zeb Stampdır, – dedi.

Qoca Zeb Stamp ucaboylu, qarabuğdayı adam idi. Ayağında timsah dərisindən uzunboğaz çəkmə vardı. Sadə və qaba geyimdə idi. Gəncliyini Missisipi meşələrində ovçuluqda keçirmişdi. İndi isə Texas meşələrində ov edirdi.

– Axşamınız xeyir, mister Stamp, – deyə ev sahibi ayağa qalxıb qonağa sarı getdi.

Zeb Stamp bu qonaqpərvər daxmada gecələyəcəkdi.

– Felim, get yəhərin qaşındakı hindtoyuğunu gətir, onu yolda vurdum.

– Çox gözəl, – mustanger səsləndi. – Bizim yemək ehtiyatımız tamam tükənib. Üç gün idi ki, gözəl bir mustanqın ovuna çıxmışdım, özümlə tüfəng götürməmişdim.

Ovçu maraqla soruşdu:

– Bu nə mustanqdır?

– Ağ xalları olan tünd şokolad rəngli bir madyandır. Çox gözəl atdır!

– Lənət şeytana! Mən də elə o at barədə söhbət etmək istəyirdim.

– Belə de!

– Mən o mustanqı görmüşəm. Deyirsən, o, madyandır? Mən bunu bilmirdim. İstəyirdim ki, onu tutmağa cəhd edəsən. Sənə deyim nə üçün? Mən qəsəbədə idim. Oraya bir adam gəlmişdi. Onu hələ Missisipidən tanıyıram. Adı Poyndeksterdir. O, varlı adamdır. Özü ilə yüz kölə gətirib. Bacısı oğlu Kolhaun da onunla yaşayır. Onun da yaxşı pulu var, dayısına borc verir. Plantasiya sahibinin yeganə bir qızı var ki, atası ondan canını da əsirgəməz. Bu qız Luizianada ən gözəl atları minib səyirdərdi. Xal-xal mustanq haqqında onlara danışandan bəri qızı kişiyə rahatlıq vermir. Mister Poyndekster də vəd edib ki, bu atı gətirənə pul əsirgəməyəcək. Bundan xəbər tutan bütün mustangerlər o atın dalınca düşəcəklər. Ona görə heç kəsə xəbər vermədən sənin yanına gəldim.

Gənc irlandiyalı yerindən qalxıb mister Stampı xal-xal mustanqın bağlandığı talvarın altına apardı.

Qoca ovçu:

– Lənət şeytana, bu həmin mustanqdır! Demək, tutmusan! Miss Poyndekster sevincindən dəli olacaq!




Sərhəd qalası


Leona çayı İnc qalası ilə qəsəbənin arasından axırdı. Qalanın hündür bayraq ağacında üzərində çoxlu ulduz şəkli olan bir bayraq dalğalanırdı. Qalanın ətrafına ağac gövdələrindən hasar çəkilmişdi. Hasarın bayır tərəfində sadə tikililər gözə dəyirdi. Arxada hərbi xəstəxana və anbarlar yerləşirdi. Burada hər şey Amerika bayrağının himayəsində idi. Qəsəbə sakinləri bir dükançıdan, mehmanxana sahibindən, peşəkar qumarbazlardan, iyirmiyədək ovçudan, naxırçıdan, mustangerlərdən ibarət idi. Çobanlar və mustangerlər Meksika paltarı geyirdilər. Mehmanxananın yanında bir meyxana da vardı.

İnc qalasının qarşısındakı meydanda üç gənc zabit – kapitan Sloumen, baş leytenant Krossmen və kiçik leytenant Henkok dayanıb Kasa-del-Korvo malikanəsinə tamaşa edirdilər. Onlar öz aralarında bura yeni gəlmiş ailə haqqında danışırdılar. Qarnizonun bütün zabit heyəti bu ailənin təşkil etdiyi şənliyə dəvət olunmuşdu.

Zabitlər Luizadan danışırdılar. Kapitan Sloumen deyirdi: "O, ağıllı bir qızdır və şit hərəkətlərdən xoşu gəlmir".

Bu arada səhər baxışına toplanış üçün şeypur çalındı. Zabitlərin üçü də bölmələrinə tələsdi. Baxışı qalanın komandiri olan mayor keçirirdi.

Poyndeksterlər ailəsinin köhnə dostu Zeb Stamp xal-xal mustanq barədə xəbər gətirmişdi: "Mustanq tutulmuşdur!"

Luiza:

– Doğrudanmı? Çox gözəl xəbərdir. Atam onu mənə alacağını vəd edib. Onu kim tutub?

– Kim ola bilər? Əlbəttə, mustanger.

– Mustanger?

– Bəli, özü də elə bir mustanger ki, bütün düzəndə tayı-bərabəri yoxdur. Nə at minməkdə, nə də kəmənd atmaqda heç kəs onunla rəqabət edə bilməz.

– Bəs onun adı nədir?

– Sizə etiraf edim ki, onun soyadı ilə heç vaxt maraqlanmamışam, adı isə Morisdir. Bu yerlərdə Moris-mustanger adı ilə məşhurdur.

– Ah, miss Lui, – deyə kəniz səsləndi, – qasırğa vaxtı düzəndə bizi xilas edən o gənc cənabın adı da belə idi!

– Bəli, – deyə ovçu tələsik cavab verdi. – O bu əhvalatı mənə elə bu səhər danışdı. Özüdür ki var. Xal-xal mustanqı tutan odur. İndi yoldadır, buraya gəlir. Mən isə qoca madyanımı çapıb gəldim ki, atanıza xəbər verim.




Vəhşi atın əhliləşdirilməsi


Kasa-del-Korvoda məclis qurulmuşdu. Bu malikanə, bəlkə də, heç bir zaman belə dəbdəbəli məclis görməmişdi. Qala qarnizonunun bütün zabit heyəti və qəsəbənin bir çox sakinləri Poyndeksterlər ailəsi ilə tanışlıq məclisinə dəvətli idilər. Bir çoxunun gözü plantasiya sahibinin qızında idi. Qıza daha çox göz qoyan bir nəfər vardı ki, bu da onun bibisi oğlu Kassi Kolhaun idi.

Luiza hərdənbir məhəccərə yaxınlaşıb uzaqlara baxırdı. Qızın bu baxışları Kolhaunu şübhələndirdi. Düzənlikdə bir at ilxısı göründükdə kapitanın şübhəsi qalmadı. Bu ilxını kimin gətirdiyini bilirdi.

İnc qalasının komandiri durbinlə baxaraq dedi:

– Vəhşi atlardır! Kimsə atları bura gətirir. Hə, indi görürəm: gələn Moris-mustangerdir. O bəzən bu atları gətirib bizə satır.

Luiza özünü elə göstərdi ki, guya ətrafda baş verənlər onu zərrə qədər də maraqlandırmır. Bibisi oğlunun qəzəbli nəzərlərinin onu izlədiyini hiss etmişdi.

İlxıdan ayrılmış çilli mustanq evə yaxın gətirildikdə bir dəstə adam:

– Nə gözəl atdır! – deyə səsləndi.

Mayorun diribaş arvadı təklif etdi:

– Aşağı enib belə mustanqa tamaşa etməyə dəyər. Miss Poyndekster, siz buna nə deyirsiniz?

Gənc ev sahibəsi:

– Əlbəttə, – deyə razılıq verdi.

Qadınlar daş pillələrlə aşağı endilər.

Henri qabağa keçib mehribanlıqla mustangerlə görüşdü. Luiza da azca təzim edərək Morisi salamladı. Ondan başqa qadınlardan yalnız mayorun arvadı mustangerlə mehribancasına salamlaşdı.

Poyndekster mustanqı nəzərdən keçirərək dedi:

– Şübhə yoxdur ki, bu at Zeb Stampın mənə dediyi atdır.

Morisə yaxın gələn qoca ovçu:

– Bəli, həmin atdır, mister Poyndekster. Yaxşı ki, mən özümü vaxtında yetirdim. Axı bu gözəl at başqasının əlinə keçərdi.

Plantasiya sahibi Morisə sarı dönərək xal-xal mustanqı göstərib dedi:

– Mən sizə iki yüz dollar borcluyam. Mister Stamp, gərək ki, bu barədə sizinlə danışıb razılığa gəlmişdir.

Mustanger mənalı-mənalı gülümsəyərək:

– Sizdən pul ala bilmərəm. Bu at satlıq deyil, – dedi.

Plantasiya sahibi, dostları və zabitlər buna təəccübləndilər. Atın qiyməti on dollardan iyirmi dollara qədər olduğu halda bu xam mustanqa iki yüz dollar təklif olunur! Mustanger isə onu satmaq istəmir. Yəqin ki, o, ağlını itirib.

– Mister Poyndekster, – deyə mustanger sözünə davam etdi, – o biri mustanqlara çox yaxşı qiymət verdiyinizə görə icazə verin sizə təşəkkür edim. İrlandiyalılarda bu bir adətdir. Qayda belədir ki, hədiyyə saziş bağladığın adama deyil, onun ailə üzvlərindən birinə verilir. Bu adəti Texasda dəb salmaq olmazmı?

Bir neçə səs buna:

– Əlbəttə! – deyə cavab verdi.

Plantasiya sahibi cəmiyyətin iradı qarşısında öz mühafizəkarlığından əl çəkdi:

– Etirazım yoxdur, mister Cerald, necə istəyirsiniz, elə də edin.

Mustanger azca təzim edib cəmiyyətə minnətdarlığını bildirərək ləyaqətlə dedi:

– Təşəkkür edirəm, cənablar, təşəkkür edirəm. Miss Poyndekster onu qəbul etməyə razı olarsa, böyük mükafat aldığımı düşünərəm.

Gənc qız irəli gələrək dedi:

– Ser, mən sizin hədiyyənizi qəbul edirəm, özü də minnətdarlıqla qəbul edirəm. Ancaq mənə elə gəlir ki, at hələ əhliləşməyib. Yəqin ki, xoşuna gəlməsə, yüyəni başından atmağa çalışacaq. Onda mən zavallı nə etməliyəm?

Bu yerdə mayor söhbətə qarışdı:

– Miss Poyndekster haqlıdır. Bu mustanq hələ xamdır. Moris, onun belinə qalx, düzənliyin bu vəhşi atını bizə göstər. Bu mənzərəni hələ görməmiş adamlar üçün maraqlı olar.








Bu, bir çağırış idi. Texasda at miniciliyi çox qiymətləndirilirdi. Moris cəld öz atından yerə sıçrayaraq qantarğanı Zeb Stampa verdi. Məclis əhlinin çoxu mənzərəni daha yaxşı seyr etmək üçün evin yuxarı mərtəbəsinə qalxdı.

Vəhşi atları əhliləşdirməkdə mahir olan mustanger kəndirlə buruntaq burub atın belinə sıçradı. Xal-xal mustanq qulaqbatırıcı və kinli bir səslə kişnəyərək şahə qalxdı. O bunu bir neçə dəfə etdi. Atlı özünü itirmədi. O, atın boynunu qucaqlayaraq ayaqları ilə yançaqlardan sıxırdı. Sonra mustanq dal ayaqları ilə soncuqlamağa başladı. O, iki-üç dəfə belindəki adamı yerə atmağa çalışdı. Lakin hər dəfə atlının çevikliyi qarşısında aciz qalırdı. Qəzəblənmiş heyvan öz səylərinin əbəs olduğunu anlamışdı. Odur ki daha ayağını yerə döymədi, yerindən qoparaq mustanger də belində düzənliyə sarı götürüldü.

Qonaqlar yerlərində durub mustangerin qayıtmasını gözləyirdilər. Yalnız bir nəfər onun ölümünü arzu edirdi. Bir başqası üçünsə bu onun öz ölümünə bərabər olardı.

Mustanger artıq vəhşi atın deyil, öyrədilmiş atın belində yenidən göründükdə Luizanın qəlbi daha bərk döyündü. Mustanger atdan yerə sıçrayıb alqış səslərinə əhəmiyyət vermədən dedi:

– Miss Poyndekster, ata yaxınlaşıb kəndiri boynuna keçirməyi sizdən xahiş edə bilərəmmi? Bunu etsəniz, at elə biləcək ki, onu siz əhliləşdirmisiniz və bundan sonra iradənizə tabe olacaq.




Çöllükdə kef məclisi


Doğan günəşin ilk şüaları İnc qalasının qarşısındakı meydanı işıqlandırdı. Ərzaq yüklənmiş furqon buradan yola düşürdü. Onu ağ və qaradərili əsgərlər müşayiət edirdilər. Dəstənin başında qoca madyanını minmiş Zeb Stamp gedirdi.

Bir azdan həmin yerə başqa bir dəstə yığışmağa başladı. Atlı xanımlar göründülər, onları kişilər – dostları və qohumları müşayiət edirdilər. Poyndeksterin qonaqlığında iştirak edənlərin, demək olar, hamısı burada idi. Plantasiya sahibi, onun oğlu Henri, bacısı oğlu Kassi Kolhaun və qızı Luiza da gəldi. Gənc qız xal-xal mustanqı minmişdi.

Çöllükdə kef məclisi Poyndeksterin şərəfinə düzəldilmişdi. Mayor və zabitlər – bu məclisin sahibləri, plantasiya sahibi və onun dostları isə dəvətlilər idilər. Qonaqları şənləndirmək üçün çöldə vəhşi at ovuna çıxmaq da nəzərdə tutulurdu.

İyirmi draqunun müşayiəti ilə yola düşən bu ikinci dəstənin öz bələdçisi vardı. Bu, Meksika mustangerinə məxsus qəşəng kostyum geymiş gənc Moris idi.

Mayor hamının yığışdığını gördükdə:

– Moris, yola düşək! – dedi və sonra toplaşanlara müraciət etdi: – Ledi və centlmenlər! Bu gənc oğlan vəhşi atları tanıyan gözəl bir ovçudur. Texasda vəhşi atları necə ovlamağı bizə göstərə bilən bir adam varsa, o da elə bu oğlandır.

Gənc irlandiyalı hamıya təvazökarlıqla təzim edib dedi:

– Mayor, mən belə təriflərə dəymərəm. Mən sizə yalnız mustanqların harada otladıqlarını göstərməyi vəd edirəm.

"O nə qədər təvazökardır!" – deyə Luiza bir anlığa düşündü.

Vəhşi at ovlamaq və eyni zamanda şənlənmək üçün Moris Ceraldın seçdiyi yerdən münasib məkan tapmaq olmazdı. Bahalı alman şərabları köpüklənirdi, şən söhbətlərin uğultusu ətrafa yayılırdı.

– Mustenos! – deyə birdən Krespinonun – meksikalı at ilxıçısının səsi eşidildi.

– Vəhşi ayğırlardır? – Moris soruşdu.

– Yox, manadadır, – Krespino dedi.

Moris cəld yəhərə sıçradı. Kapitan Kolhaun nə baş verdiyi ilə maraqlandıqda mayor belə izah etdi:

– Meksikada mustanqlara mustenos, vəhşi madyanlar ilxısına isə manada deyirlər. İlin bu çağında madyanlar ayğırlardan aralı otlayırlar, ancaq…

– Nə ancaq?

– Ancaq vəhşi eşşəklər onlara hücum etməzsə, – dedi.

İlxı yaxınlaşırdı.

– At belinə! – deyə hər tərəfdən səslər eşidildi.

Atlar vəhşicəsinə fınxıraraq onları qovan vəhşi eşşəkdən yaxa qurtarmaq üçün var gücləri ilə qaçırdılar. Onlar nə furqonu, nə də atlıları görürdülər.

– Bu yaramazı dayandırmaq lazımdır, yoxsa bütün ovumuzu korlayar.

Vəhşi eşşək atları qovanda onu heç bir qüvvə dayandıra bilməz… İlxını izləyən vəhşi eşşəyin necə bərk qaçdığını buradakılardan heç kəs bilmirdi. Hamı onu sadəcə olaraq qanmazlıq və ətalət nümunəsi kimi tanıyırdı.

– Cənablar, yerinizdən tərpənməyin! Atları saxlayın! – deyə Moris Ceraldın səsi eşidildi. – Mən onların harada otladıqlarını bilirəm. İndi ora üz tutublar. Biz onların dalınca gedib yaxşıca ov edərik. Ey, senyor Krespino, o yaramaza atəş açın. Uzaqda deyil, gülləniz ona çatar.

Eşşək atəş səsini eşidib anqırdı. Güllə ondan yan ötmüşdü. Mustanger kəskin bir hərəkətlə atını mahmızladı. Onun atdığı kəmənd bir andaca qaçan eşşəyin başına keçdi. Eşşək dal ayaqları üstə qalxıb yerə dəydi. Özünü yetirən meksikalı iti bıçağını onun ürəyinə soxub öldürdü…




Çöldə qovhaqov


Moris kəməndini dəstələməyə başladı. Bu zaman o, Luizanın xal-xal mustanqın belində dördnala çapdığını gördü. Qız sanki ilxının dalınca düşənlərin hamısını ötməyə can atırdı. Xal-xal mustanqın niyyətini yalnız bir nəfər başa düşdü. Moris xal-xal mustanqın bu ilxıdan olduğunu duymuşdu. Şübhəsiz, mustanq öz çöl yoldaşlarını görüb onlara qoşulmaq istəmişdi. Çox çəkmədi, xal-xal mustanqın niyyətini hamı başa düşdü.

Kapitan Kolhaun, Henkok, Krossmen, onların ardınca gənc plantasiya sahibləri və digərləri atlarını qızın ardınca çapdılar. Lakin heç kəs təlaşa düşməmişdi. Hamı Luizanın yaxşı at minicisi olduğunu bilirdi.

Kəməndi dəstələyən mustanger atını hamıdan gec mindi. Morisin kəhər atı bir müddət sonra hamını ötüb-keçdi. Kolhaun öz acizliyini görüb ürəyində ona hiddətlə lənət oxudu. Hamıdan arxada draqunlar at səyirdirdilər. Az sonra mənzərə tamam başqa şəkil aldı. İlxı xal-xal mustanqdan, xal-xal mustanq isə kəhər atlıdan çox-çox qabağa getmişdi. Qalanları isə artıq görünmürdülər.

Luiza heç bir təlaş keçirmədən atın belində sakit oturmuşdu. Kəhər atın belindəki mustanger isə böyük həyəcan keçirirdi. Moris getdikcə uzaqlaşan qızdan gözünü ayırmadan çapırdı.

İlxı meşəlikdə gözdən itdi. İlxının gözdən itməsi ilə xal-xal mustanq birdən addımlarını yavaşıdıb dayandı. Moris kəhər atın belində meşəliyə girəndə Luiza talada atın belində sakitcə dayanmışdı. O, təhlükədə olduğunun fərqində deyildi.

– Ser, bu sizin tərəfinizdən böyük lütfkarlıqdır. Yəqin ki, hinduların mənə hücum edəcəyindən qorxurdunuz?

– Yox, məni düşündürən hindular deyildi.

– Başqa nə təhlükə var ki? Lütfən, deyin, bundan sonra ehtiyatlı olaram.

Moris birdən cavab vermədi. Eşitdiyi səslər onu dönüb baxmağa məcbur etdi.

– Vəhşi ayğırlardır. Mən onların bu yerlərdə olduğunu bilirdim.

– Bu sizin dediyiniz təhlükədirmi?

– Bəli, məni düşündürən bu təhlükə idi. Onlar ilin bu fəslində pələng kimi yırtıcı və təhlükəli olurlar.

– İndi biz nə edək? – deyə Luiza soruşdu.

– Əgər biz vəhşi ayğır ilxısı ilə üz-üzə gəlsək, onların ayaqları altında qalarıq. Gizlənib ilxını qabağa buraxmalıyıq.

Lakin artıq gec idi: vəhşi at ilxısı kolluğun arasından uzanan cığırda göründü.

– Dəhşət! Onlar artıq bizi görmüşlər, – Moris qışqırdı. – Tez olun, tez olun! Unutmayın ki, siz öz həyatınızı xilas edirsiniz!

Bu andan etibarən belində adam olan atlarla belində adam olmayan atlar arasında qızğın bir yarış başlandı. Moris hərdənbir dönüb dala baxırdı. Vəhşi atlarla onların arasında məsafə azalmamışdı, onun üzündə əvvəlki kimi təlaş görünürdü. O, tək olsaydı, qətiyyən narahat olmazdı.

Çox keçmədən onlar geniş düzənliyin ortasında qaralan dərin bir yarğana çatdılar. Yarğanın eni on beş futdan az olmazdı. Moris kəhər atın onu darda qoymayacağını bilirdi. Bəs xal-xal madyan?

Mustanger soruşdu:

– Sizin at bu yarğanın üstündən atıla bilərmi?

– Şübhə etmirəm, – deyə Luiza cavab verdi. Onlar yarğan üzərindən atılıb keçdilər. Lakin təhlükə sovuşmamışdı. Vəhşi atlar da bu yarğandan sıçrayıb o tərəfə keçə bilərdi. İlxı onlara lap yaxınlaşmışdı.








Yarğandan bir qədər uzaqlaşdıqdan sonra Moris birdən atını saxladı.

– Miss Poyndekster, siz atınızı çapın, tez burdan uzaqlaşın! Gölü görürsünüzmü? İki çəpərin arası ilə birbaş oraya çapın. Çəpərlər birləşən yerdə bir ağıl görəcəksiniz. Ağıla girib atdan düşər, uzun tirlə girişi bağlayarsınız.

– Bəs siz?








– Məndən qorxmayın. Bu mənim üçün elə bir təhlükə deyil.

Moris qızdan ayrılıb atını yarğana sarı çapdı. Bir azdan oradan atəş səsi gəldi. Ayğırların tappıltısı kəsildi.

Moris gölə yaxınlaşanda Luiza artıq deyilən yerdə idi.




Mustanqlar üçün tələ


Təhlükə sovuşmuşdu. Qız maraqla ətrafı gözdən keçirirdi.

Moris dedi:

– Bura mustanqlar üçün tələdir. Vəhşi atlar buraya su içməyə gəlirlər və ya onları buraya mustangerlər qovub gətirirlər. Ağıla girdikdən sonra geriyə yolu bağlayırlar və burada onları kəməndlə tutmaq çətin olmur.

Moris qızı dalğın görərək dedi:

– Yəqin ki, öz dostlarınızın yanına qayıtmaq istəyirsiniz. Görünür, gec qaldığınız üçün atanız narahat olmuşdur.

Qız təəssüf duyulan səslə:

– Bəli, siz haqlısınız, – deyə tələsik və bir qədər incik səslə cavab verdi. – Ser, sağ olun ki, vəzifəmi mənə xatırlatdınız. Geri qayıtmaq lazımdır.

Yenə də çöllə gedirdilər. Onlar atlarını kəsə yolla məclis olan yerə sürürdülər. Güllü-çiçəkli bir düzənlikdə qız ixtiyarsız halda atını saxlayaraq:

– Nə qədər gözəldir! – deyə sevinclə səsləndi.

– Miss Poyndekster, bura sizin xoşunuza gəlirmi?

– Xoşuna gəlir də sözdür, ser!

– Ancaq belə bir yerdə yaşamaq, yəqin ki, sizi çox tez usandırar: cəmiyyətdən, mədəniyyətdən uzaq…

– Bəs bu həyat sizi niyə usandırmır? Mister Stamp deyirdi ki, artıq neçə ildir belə bir həyat sürürsünüz. Bu doğrudurmu?

– Tamamilə doğrudur.

– Necə yaşadığınızı mənə söyləmədiniz. Eviniz varmı?

– Mənim daxmama ev demək mübaliğə olardı.

– Buradan çoxmu uzaqdadır?

– Bir mildən çox olmaz… Orada süd qardaşım Felimlə birlikdə yaşayırıq. Bir mil oraya, bir mil geriyə – cəmi iki mil…

– Bu, uzaq deyil, iyirmi dəqiqə bizə kifayət edər.

Luiza mustangerin Alamodakı komasına gəldi. Komada kitab, kağız, yazı ləvazimatı və koma sahibinin mədəni adam olduğunu göstərən digər xırda-xuruş şeylər gördükdə xoş təəccüb hissi onu bürüdü. Felimin gülməli danışığı onun kefini daha da açdı. Təklif olunan yeməklərdən imtina etmədi. Nəhayət, şən və kefi kök halda qalxdı. Mustanger bu müddət ərzində ciddi nəzakət dairəsindən kənara çıxmamışdı.




Qısqanclıq onları izləyir


Atlılar çöldə vəhşi ilxını, xal-xal mustanqı və mustangeri gözdən itirdikdən sonra bir-birini də itirməyə başladılar. Çox keçmədi, onlar tək-tək, ikibir-üçbir düzənliyə səpələndilər. Yalnız bir atlı izi düz tutub gedirdi. Bu, kapitan Kassi Kolhaun idi.

İzlər onu talaya gətirib çıxardı. Bu yerdə ona başqa bir atlı yaxınlaşdı. Bu, Zeb Stamp idi. Qoca ovçu yaxınlaşıb soruşdu:

– Mister Kolhaun, gənc ledi haqqında bir şey bilirsinizmi? Yox, siz heç bir şey bilmirsiniz. – O, Kolha-unun üzünə baxaraq belə bir nəticəyə gəlmişdi.

– Mən başa düşmürəm, onlar atlarını hansı tərəfə sürmüşlər? Bu izlərdən belə qənaətə gəlmək olur ki, onlar burada dayanıblarmış.

– Bəli, bəli, siz haqlısınız. Onlar burada atlarını saxlayıblarmış. Özü də bir-birinə çox yaxın dayanıblarmış.

Qoca ovçu təfsilata varmayaraq atını izlə sürdü. Kolhaun onun dalınca getdi. Yalnız yarğanın qaşına çatdıqda dərin qorxu ifadəsi Zebin üzündən çəkildi.

– Buraya baxın!

– Bir ayğır öldürülmüşdür! Bu nə deməkdir?

– Bu o deməkdir ki, onu mustanger öldürmüşdür. Beləliklə, qalan vəhşi atları elə qorxudub ki, onlar atlıları təqib etməkdən əl çəkmişlər.

– Siz Luiza ilə mustangerin bu yarğanın üzərindən atıldıqlarını ehtimal edirsiniz? Axı bu, mümkün olan iş deyil?

– Əlbəttə, atılmışlar. Məgər siz uçurumun o tayında və bu tayında at ayaqlarının izlərini görmürsünüz?

Ağır fikirlərə dalmış Kolhaun qoca ovçunu orada qoyub atını kef məclisi olan yerə çapırdı. Yolda o, uzaqdan görünən iki atlını dərhal tanıdı. Atlarını yavaş sürürdülər. Nəsə danışırdılar. Bircə onların nə danışdıqlarını eşidə bilsəydi! Kolhaun atlılara lap yaxınlaşdı. Luizanın arabir sevinclə mustangerə baxdığını gördükcə gözləri dəhşətli bir kinlə parıldayırdı.

Məclisdəki adamlar onları sevinclə qarşıladılar.




Su ilə qarışıq viski


İnc qalası yaxınlığında salınmış kiçik şəhərdəki mehmanxana buranın ən görkəmli binası idi. Mehmanxananın adı "Xoş gəlmişsiniz" idi. Qadınlar istisna olmaqla gəzintidə iştirak etmiş qonaqların, demək olar, hamısı axşamı barda başa vurmağı qərara aldı. İçəri daxil olanlar birbaşa piştaxtaya tərəf gedib sevdiyi içkini tələb edir, sonra öz tanışlarına qoşulurdular.

Artıq oxucuya tanış olan üç zabit – kapitan Sloumen, draqun Henkok və atıcı Krossmen bir dəstədə idi. Mayor da onların arasında idi. Söhbətin mövzusu günün hadisəsi idi.

– Kolhaun qayıdarkən siz onun sifətinə diqqət yetirdinizmi? – deyə Sloumen soruşdu. – Bulud kimi tutulmuşdu.

– Bəli, onun üz-gözündən zəhrimar yağırdı, – deyə mayor cavab verdi.

– Doğrudanmı, Kolhaun qızı Moris-mustangerə qısqanır?

Henkok içəri girən mustangeri görüb mayorun sözünü kəsdi:

– Budur, özü də gəldi. Qoy özü bizə söyləsin. O, sadə bir oğlandır və biz ondan hər şeyi öyrənərik.

Moris dinməzcə piştaxtaya yaxınlaşıb:

– Rica edirəm, bir stəkan su ilə qarışıq viski verin, – deyə təvazökarlıqla meyxana sahibinə müraciət etdi.

Meyxana sahibi mustangerə viski süzdüyü zaman o dönüb zabitlərə salam verdi. Mustanger zabitlərin çoxu ilə tanış idi.

Bu zaman Kassi Kolhaun da gəlib çıxdı. O özünə xas təkəbbürlə zabitlərə və mülki şəxslərə salam verdi. Kapitan sərxoş olmasa da, hər halda, çox nəşəli idi. Onun gözləri qəribə tərzdə parlayırdı.

– Gəlin içək! – deyə Kolhaun adamlara müraciət etdi.

– İçək, içək! – deyə bir neçə səs cavab verdi.

Bütün dəstə piştaxtaya yaxınlaşdı və hər kəs içki sifariş verdi.

Təsadüfən, ya qəsdən Kolhaun Morislə yanaşı düşdü. Kolhaun stəkanını götürüb:

– Sağlıq! – deyə qışqırdı.

– Deyin, deyin! – bir neçə səs ona dəstək verdi.

– Amerika amerikalılar üçün! Qoy hər cür yadelli gəlmələr, xüsusilə məlun irlandiyalılar buradan rədd olsun!

Kolhaun sağlığı deyib geri çəkiləndə dirsəyi mustangerə toxundu və viski Morisin köynəyinə töküldü.

Bunun təsadüf olduğuna heç kəs inanmadı. Hamı təhqir olunmuş adamın onun üzərinə atılacağını gözləyirdi. Lakin o, stəkanı yerə qoydu, yaylığını çıxarıb köynəyini silməyə başladı. Morisin hərəkətlərində bir təmkin vardı. Lakin bunu qorxu adlandırmaq olmazdı.

– Mən irlandiyalıyam, – dedi.

Bu sadə cavab, əslində, bir çağırış idi.

Kapitan ona sarı dönüb əllərini oynadaraq həqarətlə dedi:

– Sizmi? – Mustangeri başdan-ayağa süzüb əlavə etdi: – Ola bilməz. Sizin geyiminizə baxıb meksikalı olduğunuzu deyərdim.

– Mister Kolhaun, sizin mənim geyimimlə nə işiniz var? Ancaq köynəyimi viskiyə buladığınız üçün icazə verin mən də sizin köynəyinizin kraxmalını viski ilə yuyum.

Mustanger bunu deyib öz stəkanını götürdü və kapitan çevrilməyə macal tapmamış stəkanın dibindəki viskini onun üzünə atdı.

Səslər tez kəsildi. Gərgin bir an idi. Əhvalat duellə qurtarmalı idi.

Kolhaun tapançasını çıxardı. Mustanger də eynən belə bir tapança çıxarıb atəş açmaq üçün hazır vəziyyət aldı.

Bir neçə adam çaxnaşmaya düşüb qapıya tərəf cumdu. Mayor qılıncını siyirib rəqibləri bir-birindən ayırdı və:

– Dayanın! – deyə əmr etdi.

Kinindən rəngi göyərmiş Kolhaun:

– Niyə? – deyə qışqırdı. – Niyə, mayor Rinqvud? Bu təhqir cavabsız qalmamalıdır, özü də belə bir yaramazın təhqiri.

– Kapitan Kolhaun, əvvəlcə siz başlamısınız.

– Mayor, yoldan çəkilin. Savaşan bizik və bizim işimizə qarışmağa ixtiyarınız yoxdur.

– Beləmi? Ha-ha! Sloumen, Henkok, Krossmen, eşidirsinizmi? Mənim onların işinə qarışmağa haqqım yoxmuş! Kapitan Kassi Kolhaun, harada olduğunuzu yaddan çıxarmayın. Bura hərbi qaladır və bu qala hərbi nizamnaməyə tabedir. Bu qalaya komandanlıq etmək mənə tapşırılmışdır. Ona görə də mən əmr edirəm, tapançanızı yerinə qoyun. Yoxsa sizi adi bir əsgər kimi həbsxanaya göndərərəm.

Rəqiblər, demək olar, eyni zamanda silahlarını yana saldılar, lakin tapançanı əllərində tutmaqda davam edirdilər.

Mayor qışqırdı:

– Bir halda ki atışmaq qərara alınmışdır, qoy onda bu duel qayda-qanunla olsun. Hər şeydən əvvəl eyni silaha malik olmalısınız.

Onları dövrəyə almış izdiham:

– Əlbəttə! Siz haqlısınız! – deyə razılaşdı.

Mayor onların tapançasını gözdən keçirdi. Hər ikisində altıaçılan “Kolt” tapançası idi. Mayor şərt qoydu: "Biz buradan çıxmayınca atəş açmamalısınız. Yalnız siqnal səsindən sonra atəş aça bilərsiniz».




Meyxanada duel


Kapitan Sloumen dedi:

– Mənim bir təklifim var. Meyxananın üz-üzə baxan iki qapısı var. Qoy mister Kolhaun və mister Cerald bizimlə birgə bayıra çıxsınlar. Sonra hərəsi bir qapıdan içəri girib atışmağa başlasınlar. İçəri girməmiş heç biri atəş açmamalıdır.

Bu təklif də qəbul olundu. Lakin bu arada meyxana sahibinin səsi gəldi:

– Onlar mənim meyxanamın içərisində atışsalar, şərab şüşələrimi, güzgüləri, qab-qacağı sındıracaqlar. Mən onlara xeyli xərc çəkmişəm…

– Narahat olmayın, Oberdofer, – deyə mayor onu sakitləşdirdi. – Zərərin ödəniləcəyinə şübhəm yoxdur. İndi isə bir yer tapıb daldalanın.

Zəng səsi duelin başlanması üçün siqnal olmalı idi. Adamlar aralıda dayanıb gözlərini meyxanaya zilləmişdilər. Moris çöldə meyxananın bir başında, Kolhaun o biri başında durmuşdu.

Zəng çalınan kimi rəqiblər meyxana qapılarının arxasında gözdən itdilər. Elə həmin an da açılan güllələrin gurultusu, sınan şüşələrin cingiltisi eşidildi. Hamı nəfəsini çəkib atəş səslərini sayırdı. Bir neçə atəşdən sonra araya sükut çökdü. Onlar bir-birini öldürmüşdülərmi?





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289277) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Akr – İngiltərə və Amerikada 4047 m2-ə bərabər sahə ölçüsü



İki gəncin mübarizəsi fonunda 19-cu əsr Amerikasının müstəmləkəçilik siyasəti, qul alverinin dəhşətləri, amerika hindularının həyatı… Bütün bunlar «Başsız atlı» romanından qırmızı xətlə keçir.

Как скачать книгу - "Başsız atlı" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Başsız atlı" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Başsız atlı", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Başsız atlı»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Başsız atlı" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Видео по теме - Başsız atlı Azərbaycanca dublyaj

Книги серии

Книги автора

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *