Книга - Robinzon kruzo

a
A

Robinzon kruzo
Daniel Defo


Dünya ədəbiyyatından seçmələr
Bütün zamanların ən yaxşı romanlarından sayılan "Robinzon Kruzo"nu oxuduqca kimsəsiz adaya düşən insanın təbiət qüvvələrinə qarşı mübarizə əzmi, möhkəm iradəsi, qətiyyəti, əməksevərliyi, nikbinliyi sizi heyran edəcək.





Daniel Defo

ROBİNZON KRUZO





İlk dəniz səyahəti


Hekayəmə başlamazdan əvvəl özüm haqqında danışmaq istəyirəm.

1632-ci ildə York şəhərində varlı bir ailədə anadan olmuşam. Əslən alman olan tacir atam özünə yaxşı var-dövlət qazandıqdan sonra Yorka köçüb gəlmiş və burada anamla evlənmişdi. Anam bu yerlərdə məşhur olan Robinsonlar ailəsindən idi. Atamın soyadı Kreutznaer olduğundan mənim adımı Robinson Kreutznaer qoydular. İngilis dilində bu ad "Robinzon Kruzo" səsləndiyindən hamı məni elə belə də çağırırdı.

Məndən böyük iki qardaşım var idi. Mən ailənin kiçiyi idim. Atam hüquqşünas olmağımı istəyirdi. Amma qoca olduğu üçün təhsilimlə yaxşı məşğul ola bilmirdi. Mən isə ancaq dəniz səyahəti xəyalı ilə yaşayırdım.

Atam və anam fikrimdən keçənlərdən xəbərdar idilər. Məni bu xəyallarımdan çəkindirməyə çalışırdılar. Atam deyirdi ki, mənim seçdiyim yolu ancaq işsiz-gücsüz adamlar, bir də idealistlər seçər, odur ki əgər öz ağılsız niyyətlərimdən əl çəkməsəm, Allah mənim cəzamı verəcək.

Atamla üz-üzə gəlməmək üçün evdən gizlicə qaçmaq qərarına gəlmişdim. Amma tələsmirdim, işimi səbirlə görməyə çalışırdım.

Bir dəfə Hull şəhərinə getmişdim. Orada bir dostumla rastlaşdım. O, atasının gəmisində Londona gedirdi. Mənə də onlarla getməyi təklif etdi. 1651-ci il sentyabrın 1-də mən dostumun gəmisinə minib Londona yola düşdüm.

Bəxtim elə ilk anlardan gətirmədi. Gəmimiz Hamber çayının mənsəbinə yenicə çıxmışdı ki, bərk külək əsdi, gəmi şiddətlə yırğalanmağa başladı. Gəmiyə ilk dəfə mindiyimdən dəniz məni tutmuşdu. Fırtınadan elə qorxmuşdum ki, atam demişkən, Tanrının məni cəzalandırdığını düşünür və vicdan əzabı çəkirdim. Külək getdikcə şiddətlənirdi. Hər dəfə dalğalar üzərimizə hücum çəkəndə gəmimizin suya qərq olacağını düşünürdüm. Bu sarsıntı içində mən and içirdim ki, əgər Allah məni bu bəladan xilas etsə, mən atamın yanına qayıdacağam və həyatım boyu bir də gəmiyə minməyəcəyəm. Atam mənə həyatda həmişə orta yol tutaraq yaşamağı nəsihət edirdi. İndi mən onun nə qədər haqlı olduğunu başa düşürdüm.

Lakin ertəsi gün fırtına sakitləşdi, mən də yavaş-yavaş dənizə alışmağa başladım. Gecəni yatdım, səhər kefim yaxşı idi. Artıq dəniz xəstəliyim keçmişdi. Dayanıb dünən fırtına içində guruldayan dənizin bu qədər sakitləşməsinə və onun gözəlliyinə təəccüblə baxırdım. Elə bu zaman dostum mənə yaxınlaşdı.

– Hə, Robi, necəsən? Deyəsən, dünənki meh səni qorxudub.

– Nə, meh? Sən bu dəhşətli fırtınaya meh deyirsən?






Mən göyərtədə dayanıb dünən fırtına içində guruldayan dənizin gözəlliyinə baxırdım. Elə bu zaman dostum mənə yaxınlaşdı.



– Əlbəttə, Robi, sən təcrübəsiz olduğun üçün buna fırtına deyirsən. Bu, boş şeydir. Yaxşısı budur, bir az punş içək ki, hər şeyi unudaq. Bax gör nə gözəl havadır.

Mən içən kimi sərxoş oldum. Bütün peşmanlıqlarım və tövbələrim də həmin dəqiqə yox olub getdi.

Səfərimizin altıncı günü biz Yarmut limanına yetişdik. Burada lövbər salıb səmt küləyini gözləməyi qərara aldıq. Yeddi gün hava sakit keçdi. Lakin səkkizinci gün səhərə yaxın bir külək qopdu ki, gəmini lövbərdə möhkəmlətmək üçün bütün gəmi heyəti çalışmalı oldu. Günortaya doğru qopan fırtına gəmini yanı üstə elə əydi ki, biz onun lövbərdən qırılıb çıxdığını zənn etdik. Bunu görən kapitan ikinci lövbərin də iplərini açıb suya salmağı əmr etdi.

Fırtına getdikcə güclənirdi. Qorxu və şaşqınlıq artıq bütün dənizçilərin üzündə hiss olunurdu. Bütün diqqətini gəmini xilas etməyə yönəltmiş kapitan belə Allaha yalvarırdı. Mən kayutdan göyərtəyə qalxdım. Ömrümdə belə dəhşətli mənzərə görməmişdim. Bizim yanımızda lövbər salmış iki yük gəmisinin bütün dor ağacları qırılmışdı. Dənizçilərimizdən biri qışqıraraq yaxınlıqdakı gəminin batdığını xəbər verdi. Daha iki gəmi isə lövbərdən açılaraq açıq dənizə tərəf gedirdi. Bizim gəmi möhkəm olsa da, yükü çox ağır idi.

Fırtına getdikcə güclənirdi. Adamlar gəminin hər an dənizin dibinə gedə biləcəyini düşünürdülər. Gecənin bir vaxtında dənizçilərdən biri qışqıraraq gəminin deşildiyini xəbər verdi. Bütün dənizçilər nasoslarla işləməyə başladılar. Mən də onlara qoşuldum. Kapitan fəlakətli vəziyyətimiz barədə bizi görənlərə xəbər vermək üçün toplardan atəş açmağı əmr etdi. Bu atəşin nədən ötrü açıldığını bilmədiyimdən mən gəminin parçalandığını zənn etdim. O qədər qorxdum ki, özümdən gedib huşumu itirdim. Dənizçilərdən biri məni əvəz etdi. Su getdikcə artırdı. Gəminin batacağı yəqin idi. Kapitan top atəşinə ara vermirdi. Nəhayət, yaxınlıqda olan kiçik bir gəmi bizə kömək üçün qayıqlarından birini suya endirməyə cürət etdi. Matroslar qayığa tərəf uzun bir kəndir atdılar. Bu kəndirin köməyi ilə qayığı gəminin arxa tərəfinə dartıb gətirə bildik və hamımız enib qayığa doluşduq. Amma qayığın bu yüklə öz gəmisinə yaxınlaşması mümkün deyildi. Ona görə biz bir az avarla, bir az küləyin gücü sayəsində hərəkət edərək sahilə doğru yön aldıq. On beş dəqiqə sonra bizim gəminin batdığını gördük.

Qayığı sahilə çatdırmaq üçün matroslar var gücləri ilə avar çəkirdilər. Artıq sahil görünürdü. Adamlar sahildə ora-bura qaçır, bizə kömək etməyə hazırlaşırdılar. Biz çox əziyyətlər bahasına olsa da, quruya çıxa bildik və piyada Yarmuta getdik. Başımıza gələnləri Yarmut camaatına danışdıq. Bizə çox hörmət göstərdilər, tacirlər və gəmi sahibləri bizə Londona və ya Hulla getmək üçün pul da verdilər.




Afrika sahillərindən aşağıda


Məni bu səyahətə çıxmağa təhrik etmiş dostumun əhvalı dəyişmişdi. O, kədərli halda mənim halımı soruşdu. Sonra atası ilə tanış edib dəniz səfərinə maraq üçün çıxdığımı dedi. Kapitan qayğılı bir səslə:

– Cavan oğlan! Sən bundan sonra heç vaxt dəniz səyahətinə çıxma. Dəniz səyyahı olmaq sənə qismət deyil. Qoy bu hadisə sənə dərs olsun. Öz fikrində inad etsən, göylər səni cəzalandırar, – dedi.

– Axı nə üçün, ser? Məgər siz daha səyahətə çıxmayacaqsınız? – deyə etiraz etdim.

– Bu mənim sənətimdir. Bəs sən dəniz səyahətinə niyə çıxmısan? Səni buna məcbur edən nədir?

Mən danışıb qurtaran kimi o, qəzəbli bir səslə dedi:

– İlahi, mənim günahım nədir ki, bu yazıq sərsəri mənim göyərtəmə ayaq basmışdır. Bundan sonra lap min funt-sterlinq də versən, səninlə bir göyərtəyə ayaq basmaram!

Bu əhvalatdan az sonra biz ayrıldıq. Mən Londona getdim. Yolboyu evə qayıdıb-qayıtmamaq haqqında düşünürdüm. Ata-anamın üzünə necə baxacağımı düşündükcə heç qayıtmaq istəmirdim. Yəqin ki, qonşular, dost-tanışlar mənə güləcəkdilər. Mən bütün dünyanı dolaşaraq özümə var-dövlət qazanmaq istəmişdim. Gör necə ağılsız, xəyalpərəst olmuşam. Atamın xeyirxah məsləhətlərini qulaqardına vermişəm, onun qadağalarına məhəl qoymamışam.

Londonda yaşlı bir kapitanla tanış oldum. O, bir az əvvəl Qvineya sahillərinə səfərdən qayıtmışdı və yaxşı qazanc əldə etdiyi üçün yenidən oralara qayıtmağı qərara almışdı. Məndə yenidən dünyanı gəzmək arzusu baş qaldırdı. Kapitan bunu hiss edib onunla birlikdə səfərə çıxmağı təklif etdi. Məni başa saldı ki, əgər satmaq üçün mal almaq imkanım varsa, yaxşı qazanc əldə edə bilərəm. Mən bu təklifi qəbul etdim. Qohumlarımdan qırx funt-sterlinq pul toplayıb bəzək-düzək və muncuq aldım.

Bu səyahətim çox yaxşı oldu. Xeyirxah kapitanın köməyi ilə gəmi jurnalını doldurmaq, müşahidə aparmaq, gəmini idarə emək üçün dənizçiyə lazım olan bir çox şeyləri öyrəndim. Bu səfər məni həm dənizçi, həm də tacir etdi. Apardığım malları qızıl tozuna dəyişdirdim və Londona qayıtdıqdan sonra həmin qızıl tozunu satıb üç yüz funta qədər təmiz gəlir əldə etdim. Bu müvəffəqiyyət məndəki şöhrətpərəst xəyalları daha da gücləndirdi.

Amma bəxtim yenə gətirmədi. Kapitan dostum İngiltərəyə qayıtdıqdan bir az sonra vəfat etdi. Lakin mən yenidən həmin gəmi ilə Qvineyaya səfərə çıxmağı qərara aldım. Qazandığım pulun yalnız yüz funtunu mala verib yanımda götürmüşdüm, qalan iki yüzünü saxlamaq üçün vəfat etmiş dostumun – kapitanın arvadına vermişdim.

Bu dəfə kapitanı onun köməkçisi əvəz edirdi. Yolda başımıza fəlakətlər gəldi. Gəmimiz Afrika sahilləri ilə Kanar adaları arasında olanda qəfildən dəniz quldurları bizə hücum etdilər. Quldur gəmisi sürətlə dalımızca gəlirdi. Qaçıb qurtulmaq ümidi ilə biz də bütün yelkənləri açaraq gəminin sürətini mümkün qədər artırdıq. Amma quldur gəmisi bizi haqlayırdı. Onda toplardan atəş açmağa başladıq. Quldurların gəmisində iki yüzə qədər adam var idi. Onlar bizə toplardan və iki yüz tüfəngdən açılan yaylım atəşi ilə cavab verdilər. Biz nə qədər müdafiə olunsaq da, onlar bizim gəmiyə doluşdular. Quldurlarla əlbəyaxa döyüşmək məcburiyyətində idik. İki dəfə onları sıxışdırıb gəminin göyərtəsindən çıxara bildik. Ancaq gəmimiz artıq yararsız hala düşmüşdü. Adamlarımızdan üçü ölmüş, səkkizi yaralanmışdı. Məcburiyyət qarşısında təslim olduq.

Quldurlar sağ qalan yoldaşlarımı qul bazarında satmaq üçün Mərakeşə apardılar. Yalnız məni başqa tale gözləyirdi. Quldur gəmisinin kapitanı məni işlətmək üçün öz yanında saxladı. Beləliklə, mən tacirdən qula çevrildim. Yenidən Allahın məni cəzalandıracağı barədə atamın dediyi sözləri yadıma salaraq əzab çəkirdim.

Düz iki il əsirlikdə qaldım. Amma həmişə qaçmaq barədə fikirləşirdim. Əvvəl düşünürdüm ki, ağam qarətə gedərkən məni də özü ilə aparar. Ümidlərim tezliklə boşa çıxdı. Mən sahibimin evində ağır təsərrüfat işləri görürdüm.

Sahibim tez-tez qayıqla dəniz kənarına balıq tutmağa gedərdi. Avar çəkmək üçün məni və Maresko adlı bir oğlanı da özü ilə götürərdi. Mən mahir balıqçı olduğumdan mənsiz heç vaxt getməzdi. Bir dəfə o, dostları ilə birgə dənizə çıxmağa hazırlaşırdı. Bu gəzinti üçün çoxlu yemək ehtiyatı hazırlamışdı. Bundan başqa, o mənə əmr etdi ki, üç tüfəng, barıt və qırma götürüb qayığa aparım. Bu dəfə onlar həm də ov etmək fikrində idilər.

Səhəri gün qayıqda oturub sahibimi gözləyirdim. Amma o, tək gəldi. Dedi ki, vacib işləri olduğu üçün qonaqlar gəzintini təxirə salmışlar. Mənə, Mareskoya və Ksuri adlı bir gənc mavra dənizə çıxmağı əmr etdi və balıq tutub evə gətirməyi tapşırdı. Çünki dostları axşam yeməyinə gələcəkdilər.

Mənim azadlıq barədəki arzularım yenidən baş qaldırdı. İndi mənim əlimdə kiçik bir gəmi var idi. Sahibim gedən kimi uzaq yol üçün hazırlaşmağa başladım. Mavra tapşırdım ki, gedib bir səbət suxarı və üç səhəng şirin su gətirsin. Mavr ərzaq gətirməyə gedəndə özüm ağamın saxladığı şərab butulkalarını daşıyıb gəmiyə doldurdum. Yol üçün lazım olan hər şeyi hazırlayıb dənizə çıxdıq. Gəmi dənizin içinə doğru xeyli irəlilədikdən sonra tilovlarımızı suya atdıq. Mən sakitcə arxadan yaşlı mavra yaxınlaşdım və onu suya itələdim. Əlimdə tutduğum tüfənglə onu nişan alıb qışqırdım: "Sahilə tərəf üz. Mənim sənə pislik etmək niyyətim yoxdur. Amma gəminin dalınca üzməyə başlasan, vurub kəlləni dağıdacam". Bunu eşidən kimi o, sahilə tərəf üzməyə başladı. O, yaxşı üzürdü, sahilə çıxa biləcəyinə əmin idim.






Əlimdə tutduğum tüfənglə onu nişan alıb qışqırdım: “Sahilə tərəf üz. Mənim sənə pislik etmək niyyətim yoxdur. Amma gəmi -nin dalınca üzməyə başlasan, vurub kəlləni dağıdacam”.



Sonra Ksuriyə tərəf döndüm:

– Ksuri! Əgər mənə sadiq olsan, səni böyük bir adam edərəm. Xəyanət etsən, səni də dənizə ataram.

Oğlan düz gözümün içinə baxıb gülümsəyərək heç vaxt xəyanət etməyəcəyinə və haraya istəsəm, mənimlə gedəcəyinə and içdi.

Mən yenidən mavrların əlinə düşməkdən elə qorxurdum ki, düz beş gün dayanmadan üzdüm. Sonra bir çayın mənsəbində lövbər salıb dayandıq. Bir az sonra sahildə çox böyük vəhşi heyvanlar gördük. Ksuri bərk qorxmuşdu. Doğrusu, mən də qorxurdum. Amma biz mütləq sahilə çıxmalı idik, çünki bir damla da içməli suyumuz qalmamışdı. Biz qayığı sahilə yaxınlaşdırdıq. Ksuri bildirdi ki, şirin su tapıb gətirə bilər:

– Vəhşilər gəlsələr, məni yeyərlər, siz isə salamat qalarsınız.

Mən onu sakitləşdirdim:

– Ksuri, bir yerdə gedək, biz onları öldürərik, nə səni yeyərlər, nə də məni.

İki səhəng və tüfəng götürüb sahilə çıxdıq.

Mən sahildən çox uzaqlaşmaq istəmirdim. Qayığı gözdən qoymaq olmazdı. Ancaq Ksuri xeyli aralanmışdı. Bir qədər sonra geri döndü. Dovşanabənzər bir heyvan ovlamışdı, dərədə içməli su da tapmışdı. Biz səhənglərimizi doldurub ləzzətli dovşan ətinin kababından yedik.

Əvvəlcə Kanar və Yaşıl Burun adalarını tapmaq lazım idi. Onlar Afrika qitəsindən çox uzaqda deyildi. Amma əlimizdə heç bir xəritə və cihaz olmadığından dəqiq harada olduğumuzu müəyyən edə bilmirdim. Bir ingilis gəmisinə rast gəlmək ümidi ilə sahilboyu hərəkət edirdik. Mənim hesabıma görə, buralar Mərakeş sultanının torpaqları olmalı idi. İnsan yaşamayan bu sahillərdə ancaq qorxunc vəhşi heyvan səsləri eşidilirdi.

Bir dəfə uzaqda Kanar adalarındakı məşhur Tenerif zirvəsi göründü. Qayığımızı çevirib o dağlara tərəf yönəltməyə cəhd göstərdim. Amma qarşı tərəfdən əsən külək və nəhəng dalğalar məni geri dönməyə məcbur etdi. Mən yenə də sahilboyu yolumuza davam etməyi qərara aldım. Bir neçə dəfə sahilə çıxıb içməli su götürdük. Hətta qorxunc bir şiri öldürüb, dərisini soyub qurutduq; mən sonralar ondan yataq kimi istifadə edirdim.

Sonra biz bu sahildən ayrılıb istiqamətimizi dəyişmədən bir neçə gün cənuba tərəf getdik. Ərzağımız azalırdı, mümkün qədər qənaətlə işlədir, yalnız içməli su üçün sahilə çıxırdıq. Mən Qambiya, yaxud Seneqal çaylarının mənsəbinə çatmaq istəyirdim. Ümid edirdim ki, buralarda bir Avropa gəmisinə rast gələrəm, əks halda mən ya açıq dənizə çıxaraq bir ada axtarmalıyam, ya da buralarda vəhşi insanların əlində ölməliyəm. Mən sükanı Ksuriyə tapşırıb kayuta enmişdim. Birdən onun "Ağa! Ağa! Yelkən! Gəmi" qışqırdığını eşitdim. Yazıq uşaq uzaqda görünən gəminin sahibimizə məxsus olduğunu düşünərək qorxusundan tir-tir əsirdi. Mən diqqətlə baxıb bu gəminin portuqal gəmisi olduğunu görə bildim. Bütün yelkənləri açıb gəmiyə yaxınlaşmaq üçün sürətlə açıq dənizə tərəf yönəldik. Amma necə sürətlə getsək də, ona yaxınlaşa bilmirdik. Birdən gəmidən kiminsə durbinlə bizə sarı baxdığını gördüm. Gəmi sürətini azaltdı, üç saatdan sonra biz bu gəmiyə yan aldıq.

Məni və yoldaşımı gəmiyə dəvət etdilər. Braziliyaya gedirdilər. Mən sevinclə kapitanın yanına gedib başıma gələnləri ona danışdım və məni xilas etdiyi üçün ona təşəkkürümü bildirdim, bütün əmlakımı ona bəxşiş kimi təklif etdim. O isə: "Təsəvvür edirəm, siz necə sevinirsiniz. Mən də bu vəziyyətə düşə bilərdim və məni xilas etsələr, çox sevinərdim", – deyə cavab verdi.

Kapitan, doğrudan, çox alicənab idi. Mənim bütün əşyalarımı siyahıya alıb nəzarətə götürdü. Gəmimi isə çox bəyənmişdi. Məndən satın almaq istədiyini bildirdi. Bundan başqa, Ksurinin də onun yanında qalmasını istəyirdi. Bunun üçün mənə altmış qızıl təklif etdi. Mən Ksuridən ayrılmaq istəmirdim. Biz yaxşı yol yoldaşı olmuşduq. Amma onun özünün qalmaq arzusu olduğunu bilincə razılıq verdim. Biz üç həftə sonra Braziliyaya yetişdik. Artıq yeni həyatın başlanğıcında idim. Kapitan gəmi, Ksuri və qalan bütün əşyalarımın hər birini qiymətləndirərək qarşılığında 220 qızıl verdi.

Mən Braziliyada qaldım. Kapitan məni özü kimi xeyirxah bir adamla tanış etdi. O, şəkər zavodu və plantasiyasının sahibi idi. Mən onun evində uzun müddət yaşadım və şəkər qamışı yetişdirməyi və şəkər istehsalının sirlərini öyrəndim. Əlimdəki pulu verib bir parça xam yer aldım və Londondakı pullarımı da hesablayaraq gələcək plantasiyamın planlarını qurmağa başladım. Birinci iki il əkib-becərdiyim dolanışığıma güclə çatırdı. Üçüncü il qonşumla birgə sahənin bir hissəsində tütün əkdim və yaxşı pul qazandım.

Amma mənim gördüyüm işlər xəyalı ilə yaşadığım arzularıma zidd idi. Öz-özümə düşünürdüm ki, mən bu işlərlə İngiltərədə də qalıb məşğul ola bilərdim. Öz dostlarımın, tanışlarımın arasında yaşayardım. Məni xilas etmiş dostuma Londonda olan pulum barədə danışdım. O isə mənə həmin pulun yarısına mal aldırmağımı tövsiyə etdi. Özü isə həmin malları Londondan Braziliyaya gətirəcəyinə söz verdi. Londondakı tacir dostuma məktub yazıb pulumun yüz funtuna mal almağı və kapitana çatdırmağı xahiş etdim.

Kapitanın gətirdiyi malları satıb böyük qazanc əldə etdim.




Fırtına


Mən Braziliyada dörd il yaşadım. İşlərim çox yaxşı gedirdi. Yerli dili öyrənmişdim. Plantasiya qonşularımla, habelə San-Salvadordan olan tacirlərlə ünsiyyət qurmuşdum. Onlarla görüşəndə Qvineya sahillərinə etdiyim səfərlərdən, orada xırdavat, bəzək şeylərinin necə yaxşı satıldığından, hətta Braziliyada işlətmək üçün ucuz qiymətə qul almağın da asan olduğundan söhbətlər edirdim. Mənim bu söhbətlərimdən sonra tacirlərdən üç nəfər bir gün mənim yanıma gəldi. Bildirdilər ki, Braziliya plantasiyalarında işçi qüvvəsinə böyük ehtiyac var. Buna görə də Qvineya sahillərindən qul gətirmək üçün gəmi göndərmək istəyirlər. Mənim bu işi öz öhdəmə götürməyimi istəyirdilər. Əvəzində isə mən heç bir yolpulu xərcləməyəcəm, gətirdiyimiz zənci qulları isə aramızda bərabər böləcəyik.

Əslində, mənim kimi uğurlu plantasiya sahibi üçün bu təklifi qəbul etmək ağılsızlıq idi. Lakin öz bədbəxtliyimə imza atmaq, görünür, mənim alnıma yazılıbmış.

1659-cu il sentyabrın 1-də yenidən dənizə çıxdım. Mən düz səkkiz il bundan əvvəl – o uğursuz gündə ata-anamdan xəbərsiz evdən getmişdim.

Əvvəlcə işlərimiz yaxşı gedirdi. On iki gün yol getdikdən sonra ekvator xəttini keçdik. Elə bu zaman gözlənilmədən bərk külək qalxdı. Biz artıq gəmini idarə edə bilmirdik. Külək bizi istədiyi səmtə aparırdı. Bu dəhşətli küləklə bərabər, tropik qızdırma da bizi əldən salmışdı. Matroslardan biri qızdırmadan öldü, ikisini isə göyərtədən dalğalar yuyub apardı. On ikinci gün fırtına sakitləşməyə başladı. Kapitan bildirdi ki, gəmi zədələnib, su keçirir. O, Braziliya sahillərinə qayıtmağımızı məsləhət görürdü. Mən isə bu fikirlə razılaşmadım. Xəritədə Amerika sahillərinə nəzər salaraq Barbados adalarına tərəf getməyi qərara aldıq. İstiqaməti dəyişib şimal-qərb tərəfə getməyə başladıq. Lakin az keçməmiş ikinci fırtınaya düşdük. Dalğalar bizi qərbə tərəf aparırdı. Artıq bizim salamat geriyə qayıtmaq ümidimiz yox idi. Birdən kimsə "Torpaq!" deyə qışqırdı. Harada olduğumuzu bilmək üçün kayutdan çıxmaq istəyəndə dalğalar qüvvətlə göyərtəyə hücum çəkdi. Biz yenidən kayutlarda gizlənməyə məcbur olduq.

Gəmi saya oturmuşdu. Lakin dalğalar elə böyük idi ki, hər an gəmini qumdan çıxarıb suya qərq edə bilərdi. Biz canımızı qurtarmaq haqqında düşünürdük. Gəmidə yalnız bircə qayığımız var idi. Onu çətinliklə suya endirdik. Gəmidə olan on bir nəfərin hamısı qayığa doluşdu. Biz edama aparılan adamlar kimi ümidsizliklə avar çəkirdik. Külək və dalğalar bizi qovur, biz isə Allahın mərhəmətinə sığınaraq avarlara güc verirdik. Mənim hesablamalarıma görə, gəmidən təxminən dörd mil aralanmışdıq. Birdən dağ böyüklükdə bir dalğa arxa tərəfdən qayığımızın üstünə gəldi. Bir an içində qayıq çevrildi, biz "İlahi!" çığırmağa macal tapmamış suyun dibinə getdik.

Suya qərq olarkən məni bürümüş qorxu və təlaşı təsəvvürə gətirmək mümkün deyil. Üzməyi yaxşı bacarsam da, mən özümü ələ alıb suyun üzərinə çıxa bilmirdim, az qalırdı boğulum. Bu an dəhşətli dalğa məni ağuşuna alıb sahilə doğru xeyli apardı və qumun üstünə atdı. Çoxlu su udduğumdan bir müddət yarımcan hala düşmüşdüm. İkinci dalğa gələnə kimi yerimdəcə sərilib qaldım. Sonra bir az nəfəs alıb özümə gəldim, ayağa qalxıb sahilə tərəf yüyürməyə başladım. Amma arxadan gələn dalğalardan canımı qurtara bilmirdim. Nəfəsimi saxlayıb dalğaların belində sahilə üzməyə çalışırdım. Dalğalar məni yenə bir neçə dəfə haqladı və sahilə doğru xeyli apardı. Axırıncı dalğa isə məni elə bir qüvvə ilə qayaya çırpdı ki, az qaldım huşumu itirim. Ancaq tez özümü ələ alıb qayadan bərk yapışdım və növbəti dalğanın gəlib keçməsini gözlədim. Sonra qalxıb irəli qaçdım və dalğaların çata bilmədiyi bir yerdə göy otun üstünə sərildim.

Mən arxası üstə uzanıb göylərə baxaraq həyatımı xilas etdiyi üçün Tanrıya təşəkkür etdim. Sonra ayağa durub sahilə göz gəzdirdim. Sevincim birdən-birə yox oldu. Bütün yoldaşlarım məhv olmuşdu. Uzaqda saya oturmuş gəmimiz görünürdü. Mənim xilas olmağım bir möcüzə idi. Əynimdə quru bir şey yox idi. Nə yeməyə bir tikə çörək, nə də içməyə bir qurtum su var idi. Yanımda heç bir silahım da yox idi. Gecə düşəndə vəhşi heyvanların qorxusundan ürəyim tir-tir əsməyə başladı.

Şirin su tapmaq ümidi ilə bir qədər içərilərə doğru getdim. Xoşbəxtlikdən bir çeşmə tapıb suyundan doyunca içdim. Qayıdıb bir şam ağacının başına çıxdım. Orada yerimi rahatladım, tez də yuxuya getdim.




Adada yeni bir həyat


Mən yuxudan ayılanda artıq hava işıqlaşmışdı. Külək yatmış, dəniz sakitləşmişdi. Məni təəccübləndirən isə o idi ki, dalğalar gəmini qumdan çıxarıb sahilə xeyli yaxın gətirmişdi. İndi o, dünən dalğaların məni çırpdığı qayalığın yaxınlığında yırğalanırdı. Mən gəmiyə gedib ərzaq və lazım olan şeyləri götürmək qərarına gəldim.

Ağacdan düşüb ətrafı bir də gözdən keçirdim. İki millik məsafədə qayığımızı gördüm. Mən qayığa tərəf getmək istədim. Amma sahilin içərilərinə doğru uzanan körfəz yolumu kəsmişdi. Gəmiyə gedib çıxmaq mənim üçün daha vacib idi.

Günortadan sonra dəniz sakitləşmiş, sular çəkilmişdi. Məni dərin bir kədər bürüdü. Əgər biz gəmidə qalıb fırtınanın keçməsini gözləsəydik, hamımız salamat qalardıq. Özümü çox yalqız hiss etdim, hönkür-hönkür ağladım.

Necə olursa-olsun gəmiyə çıxmalı idim. Paltarımı soyunub üzə-üzə gəmiyə yaxınlaşdım. Çox çətinliklə gəminin böyründən sallanmış kəndirdən yapışıb yuxarı qalxdım. Gəmi deşilmişdi, özü də saya elə oturmuşdu ki, arxa tərəfi yuxarı qalxmış, burnu isə aşağı enmişdi. Ərzaq ehtiyatı arxada olduğundan islanmamışdı. Mən ciblərimi qurudulmuş çörəklə doldurub gəmini gəzə-gəzə yeməyə başladım.

Lazım olan şeyləri sahilə daşımaq üçün mənə qayıq lazım idi. Ehtiyac insanın ixtiraçılıq qabiliyyətlərini də artırır. Gəmidəki dor tirlərindən və taxtalardan möhkəm bir sal düzəltdim. Sonra mənə lazım olan bütün ərzaqları üç dənizçi sandığına yığdım. Tüfəng və qırma tədarükümü də gördüm. Xeyli axtardıqdan sonra dülgərlik alətləri yığılmış qutunu da tapdım. Bu qutu mənə çox lazım ola bilərdi. Yüklədiyim salı yelkənsiz, avarsız, sükansız, çətinliklə də olsa, sahilə yaxınlaşdıra bildim.

Ətrafı gözdən keçirib şeylərimi yığmaq üçün təhlükəsiz yer axtarmağa başladım. Bir xeyli aralıda bir təpə gördüm. Təpənin başına qalxıb ətrafa boylananda ürəyim sıxıldı, nə qədər acınacaqlı bir vəziyyətə düşdüyümü anladım: bu yer ada imiş, heç bir insan nişanəsi olmayan kimsəsiz bir ada. Vəhşi heyvanların olub-olmadığını hələ bilmirdim.

Mən on iki gün ərzində hər gün bir dəfə gəmiyə səfər etdim. Artıq sahilə o qədər şey daşımışdım ki, böyük bir anbar yaratmışdım. Axırıncı dəfə gəmiyə qalxanda bir dolabdan üç ülgüc, qayçı, çəngəl-bıçaq da tapdım. Dolabda gözüm gümüş və qızıl pullara da sataşdı. Əvvəl düşündüm ki, burada pul mənim nəyimə gərəkdir. Sonra hər ehtimala qarşı onları da götürdüm. Həmin gecə səhərə qədər fırtına gurladı. Səhər mən qalxıb ətrafa boylananda gözlərimə inanmadım. Gəminin izi-tozu qalmamışdı. Əvvəlcə mən çox kədərləndim. Amma tez də özümə təsəlli verdim. Onsuz da gəmidə dəyərli heç bir şey qalmamışdı.






Gəmidəki dor tirlərindən və taxtalardan möhkəm bir sal düzəltdim. Mənə lazım olan bütün ərzaqları üç dənizçi sandığına yığdım. Salı yelkənsiz, avarsız sahilə yaxınlaşdıra bildim.



Artıq on üç gün idi ki, adada yaşayırdım. Amma seçdiyim yer dənizə çox yaxın olduğundan səhhətim üçün zərərli ola bilərdi, odur ki yaşayış üçün yer axtarmağa başladım. Bu yer bir neçə vacib şərtə cavab verməli idi. Əvvəla, içməli suya yaxın, vəhşi heyvanların hücumundan qorunmaq üçün etibarlı olmalı idi. Bundan əlavə, mən həmin yerdən dənizi yaxşı görməli idim ki, buralardan keçən gəmiləri gözdən qaçırmayım.

Xeyli axtardıqdan sonra təpənin yamacında kiçik bir yaşıl düzənliyi seçdim. Təpənin başından bu düzənliyə qədər olan hissə sıldırım eniş idi. Enişin aşağı hissəsində mağaraya oxşar bir yer var idi. Mən çadırımı bu mağaranın qarşısında qurdum. Radiusu on yard olan bir yarımdairə cızdım. Sonra onun ətrafına iki cərgə paya vurdum. Payaların uclarını yonub itilədim. İşimi qurtaranda gördüm ki, əməlli-başlı bir hasar düzəltmişəm. Amma bu iş mənim çox vaxtımı və gücümü aldı. Var-yoxumun hamısını birtəhər daşıyıb hasarın içinə yığdım. Sonra yağışdan qorunmaq üçün gəmidən gətirdiyim brezentlə iri bir çadır da qurdum.

Mən artıq yerdə deyil, çox rahat bir tor yelləncəkdə yatırdım. Yağışdan xarab ola biləcək hər şeyi çadıra daşımışdım. Bu işləri başa çatdırdıqdan sonra çəpərdə qapı kimi saxladığım dəliyi də bağladım. İndi öz qalama nərdivanla girib-çıxırdım.

Bir gün göy guruldadı, güclü şimşək çaxdı. Bu məni çox qorxutdu, çünki ildırım gətirdiyim barıtı partlada bilərdi. Barıt isə mənə çox lazım idi. Odur ki onu hissələrə bölüb ayrı-ayrı torbalara yığdım.

Bütün bu müddət ərzində hər gün azı bir dəfə əlimə tüfəng alıb ov vurmaq və adanı daha yaxından tanımaq üçün evdən çıxırdım. Elə birinci gün məlum oldu ki, buralarda çoxlu vəhşi dağkeçisi yaşayır. Mən tezliklə bu cəld heyvanları ovlamağı öyrəndim.

Doğrusu, vəziyyətim özümə çox ağır gəlirdi. Nə üçün mənim başıma belə ağır müsibətlər gəlirdi? Amma içimdən gələn bir səs sanki mənə deyirdi: "Düzdür, sənin vəziyyətin ağırdır, sən yalqızsan. Halbuki siz on bir nəfər idiniz. Onların hamısı məhv oldu. İndi fikirləş, gör kimin vəziyyəti daha ağırdır".

Günlər ötdükcə gəmidən gətirdiyim hər şeyin mənim üçün nə qədər əhəmiyyətli olduğunu dərk edirdim. Adaya düşdüyüm vaxtdan on-on iki gün keçmiş birdən ağlıma gəldi ki, belə getsə, ayın-günün hesabını itirərəm. Odur ki ilk sahilə çıxdığım yerdə bir ağac basdırdım və başına taxta parçası mıxlayıb üzərində yazdım: "Mən 1659-cu il sentyabrın 30-da ilk dəfə bu adaya ayaq basmışam". Ağacın üzərində hər gün cizgilər atırdım, hər altı gödək cizgidən sonra bazar gününü bildirən bir uzun cizgi atırdım.

Mən gəmidən çox şey daşıyıb gətirmişdim. Bunların arasında mürəkkəb, qələm, kağız, kompas, müşahidə boruları, xəritələr, kitablar var idi. Bundan başqa, mənim öz şeylərimin içindən İncilin üç gözəl nüsxəsi çıxdı. Gəmidə həmçinin iki pişiyimiz və bir itimiz də var idi. Pişikləri salın üstündə gətirmişdim. İt isə mənim dalımca özü üzüb gəlmişdi. Bu it çox illər mənim etibarlı dostum və köməkçim oldu.

Mən vəziyyətimi təhlil edib nəyin pis və ya yaxşı olduğunu qarşılaşdıraraq dəftərdə qeydlər aparırdım. Əvvəllər mən hər dəqiqə dənizə baxır və bir gəmi görəcəyimə ümid bəsləyirdim. İndi isə mən bu mənasız işdən əl çəkmişdim, bütün diqqətimi öz yaşayışımı mümkün qədər asanlaşdırmağa yönəltmişdim.

Adada yırtıcı heyvanların yaşamadığına və heç bir təhlükə olmadığına əmin olduqdan sonra mağaranı genişləndirdim. Sonra mənə lazım olan ev əşyalarını düzəltməyə başladım. Özümə stol-stul düzəldə-düzəldə xarratlığı əməlli-başlı öyrəndim. Əlimə düşən xırda-xuruş şeyləri yığmaq üçün divarboyu rəflər düzəltdim. Tüfənglərimi asmaq üçün divara asılqan da vurdum. Hər kim mənim mağarama girsə, buranı ən vacib şeylərin saxlandığı anbar hesab edərdi. Bu anbara baxmaq mənə, həqiqətən, ləzzət verirdi. Çünki burada nümunəvi bir səliqə hökm sürürdü.

Bir gündəlik düzəldib hər şeyi ora yazmağı qərara aldım.




Gündəlik


30 sentyabr 1659-cu il. Gəmimiz açıq dənizdə qorxunc fəlakətə uğradı. Gəmidəki insanların hamısı isə məhv oldu. Mən bədbəxt Robinzon Kruzo isə Ümidsizlik adası adlandırdığım bu lənətə gəlmiş adanın sahilinə gəlib düşdüm. Mən yarımcan bir vəziyyətdə idim. Həmin gün çox ağladım, taleyimdən şikayətləndim. İrəlidə məni ancaq ölüm gözlədiyini fikirləşirdim. Düşünürdüm ki, məni ya yırtıcı heyvanlar parçalayacaq, ya da ki acından məhv olacam.

1 oktyabr. Yuxudan ayılanda gördüm ki, gecə dalğalar gəmimizi sahilə çox yaxın gətirmişdir. Bu, bir tərəfdən yaxşı idi. Çünki mən külək dayanan kimi gəmiyə gedib özümə lazım olanları tədarük edə bilərdim. Digər tərəfdən isə düşündüm ki, gəmini tərk etməsəydik, hamımız xilas ola bilərdik, bir yerdə gəmi parçalarından qayıq düzəldib insan yaşayan bir torpağa gedib çıxa bilərdik. Bu fikirlər mənə rahatlıq vermirdi. Dənizdə su çəkilməyə başlayan kimi mən gəmiyə yollandım. Həmin gün axşama qədər yağış dayanmadı, amma külək tam sakitləşmişdi.

1–11 oktyabr. Bütün bu günlər ərzində mən gəmidən gətirilməsi mümkün olan bütün lazımi şeyləri sahilə daşımaqla məşğul idim.

12 oktyabr. Düzəltdiyim sal çevrildi və mənim bütün yüküm batdı. Amma dayaz yer olduğu üçün dənizdə su çəkilməyə başlayanda mən onların çoxunu çıxara bildim.

13 oktyabr. Bütün gecəni və gündüzü yağış yağdı, külək əsdi. Bu gecə gəmi parçalanıb dağılmışdı. Mən öz şeylərimi yağışdan qorumaqla məşğul idim.

26 oktyabr. Yaşayış üçün yer axtardım. Bir təpənin yamacında əlverişli yer tapdım. Burada bir yarımdairə cızıb onu paya ilə ikicərgəli hasara aldım.

26–30 oktyabr. Xeyli işləmişəm, güclü yağışa baxmayaraq, bu müddət ərzində şeylərimin hamısını yeni mənzilə daşımışam.

31 oktyabr. Ətrafı daha yaxından tanımaq və bir ov vurmaq üçün səhər tezdən adanı gəzməyə çıxdım. Bir dişi keçi vurdum. Onun oğlağı dalımca düşüb gəldi. Lakin mən onu da kəsməli oldum, çünki çox körpə idi, anasız olduğu üçün başqa yeməklər yeyə bilmirdi.

1 noyabr. Mağaranın altında çadır qurdum. Gəmidən gətirdiyim yelləncəyi payalara bərkidib ilk dəfə onun üstündə yatdım.

2 noyabr. Bütün yeşikləri və taxtaları çadırımın ətrafına yığdım.

3 noyabr. Tüfəng götürüb gəzdim. Ördəyəoxşar bir quş vurdum. Əti çox ləzzətli idi. Nahardan sonra stul düzəltməyə başladım.

4 noyabr. Vaxtımı lazımi qaydada böldüm, fiziki iş, ov etmək, yatmaq və əylənmək üçün müəyyən saatlar ayırdım. Səhərlər yağış olmayanda tüfəngimi götürüb iki-üç saat adanı gəzirəm, sonra saat on birə qədər işləyirəm, sonra əlimə düşəndən səhər yeməyi hazırlayıb yeyirəm, on ikidən ikiyə qədər yatıram, ikidən sonra yenə də işləməyə başlayıram. Son iki gündə bütün iş vaxtımı stul düzəltməyə sərf etmişəm. Dülgərlikdə əvvəllər heç bir təcrübəm olmasa da, ehtiyac məni hər şeyin ustası etmişdir.

5 noyabr. Bir vəhşi pişik vurdum. Əti heç nəyə yaramırdı. Dərisi isə çox yumşaq idi. Vurduğum heyvanların dərisini soyub anbara yığırdım. Sahilboyu müxtəlif quşlar gördüm.

6 noyabr. Səhər gəzintisindən sonra mən stolumu hazırlayıb qurtardım. Amma xoşuma gəlmir. Lakin dülgərlikdə artıq ustalaşmışam.

7–12 noyabr. Havalar açılır. Neçə vaxtdır ki, günümün yarısını stolu yenidən hazırlamağa sərf edirəm.

13 noyabr. Bu gün yağış yağdı, hava xeyli sərinlədi. Daim göy guruldayırdı. Mən barıt ehtiyatımın alışmasından qorxurdum. Barıtı xırda hissələrə bölməyi qərara aldım ki, hamısı birdən partlamasın.

14–16 noyabr. Barıt üçün qutular düzəltdim. Hərəsinə bir-iki girvənkə barıt yerləşdirib onları mağaranın yarıq yerlərində mümkün qədər bir-birindən aralı gizlətdim. Bir quş da vurdum, əti çox ləzzətli idi.

17 noyabr. Şeylərimi daha səliqəli yığmaq üçün çadırın arxasındakı mağaranı genişlətməyə başladım. Bu iş üçün külüng, bel və əl arabası lazım idi. Çox fikirləşdim. Külüng əvəzinə lingi sınadım. Amma bel və əl arabası üçün heç nə fikirləşə bilmədim. İşi dayandırmalı oldum.

18 noyabr. Tikinti işlərimi aparmaq üçün meşədə lazımi materiallar axtarırdım. Braziliya dəmirağacına oxşayan bir ağac kəsdim. Baltam tamamilə kütləşdi. Ağacı güclə dartıb evə gətirdim. Yonub bel düzəltdim. Ağac çox bərk olduğundan bu iş vaxtımı çox aldı. Onun enli hissəsi dəmirdən olmadığından çox davam gətirmədi. Amma torpaq qazmaqda karıma gəldi. Əl arabası və ya zənbil də lazım idi. Zənbil toxumaq üçün asan əyilən ağac çubuqlar yox idi. Əl arabasının təkərlərini qayırmaq mənim üçün çətin idi.

23 noyabr. Yenə də mağaranı qazmağa başladım. Bütün günü gücüm çatan qədər qazdım. Bu işə mənim on səkkiz gün vaxtım getdi. İstəyirdim ki, bu mağara mənim üçün anbar və zirzəmi, həm də mətbəx və yeməkxana olsun. Dincəlmək üçün isə çadırı seçmişdim. Çadırın üstünü küləşlə örtmüşdüm.

10 dekabr. İşimi bitirdim. Artıq anbarı hazır hesab etmək olar. Lakin bir gün qəflətən tavanın bir küncü uçdu. Doğrusu, çox qorxdum. Uçuq o qədər böyük idi ki, mən altında olsaydım, qəbirqazana ehtiyac olmayacaqdı. Bu torpağı mağaradan daşıyıb çıxarmalı, həm də tavana altdan dayaq verməli idim.

11 dekabr. Anbarımın təmirinə başladım. Dayaq üçün iki dirək basdırmışam, onların hər birinin yuxarı tərəfinə iki taxtanı bir-birinin üzərinə xaç şəkilində qoyub bərkitmişəm. Dirəkləri cərgə ilə elə düzdüm ki, anbarda arakəsməni də əvəz etsin. Bu işə bir həftə vaxt sərf etdim.






Avadanlığımın hamısını mağaraya daşıdım və hər birini öz yerinə qoydum. Ərzaq qoymaq üçün bufetəoxşar bir rəf də düzəltdim. Əla və bir stol da hazırladım.



17 dekabr. Bu gündən dekabrın 20-dək anbarda rəflər düzəltdim, asılası şeylər üçün dirəklərə mismar vurdum.

20 dekabr. Avadanlığımın hamısını mağaraya daşıdım və hər birini öz yerinə qoydum. Ərzaq qoymaq üçün bufetəoxşar bir rəf də düzəltdim. Əlavə bir stol da hazırladım.

24 dekabr. Bütün gecəni və gündüzü şiddətli yağış yağdı, evdən bayıra çıxmadım.

25 dekabr. Yağış ara vermədən yağır.

26 dekabr. Yağış kəsdi. Çox gözəl hava var.

27 dekabr. İki oğlaq vurdum. Birini öldürmüşdüm, o birini isə qıçından yaralamışdım. Onun boynuna ip bağlayıb evə gətirdim. Qıçını sarıdım.

Mən yaralı oğlağa qulluq etdim. Yarası sağaldı. Onunla o qədər məşğul oldum ki, mənə öyrəşdi, ayrılmaq istəmirdi. Fikirləşdim ki, barıt və qırmam qurtarandan sonra ərzaq tədarükü üçün ev heyvanları bəsləsəm, pis olmaz.

28–31 dekabr. Bərk istilər keçir. Yalnız axşamlar evdən çıxıb ova gedirəm. Bu günlərdə təsərrüfatımı sahmanlayıb qaydaya salmışam.

1 yanvar 1660-cı il. İstilər davam edir. Bu gün iki dəfə ova getmişəm. Axşamüstü adanın lap içərilərinə doğru getdim. Çoxlu keçi gördüm. Lakin çox ürkək olduqlarından yaxın getmək olmurdu. Onları itlə ovlamağı qərara aldım.

2 yanvar. Bu gün iti özümlə aparıb keçilərin üstünə qısqırtdım. Amma keçilər itin üstünə sürü ilə elə cumdular ki, it bir daha onlara yaxın getmək istəmədi.

3 yanvar. Hasar tikməyə başlamışam. Hər hansı düşmən hücumundan hələ də qorxduğum üçün çox möhkəm hasar düzəltməyi qərara aldım.

Hasar böyük olmasa da, mənim vaxtımı çox apardı. Ən ağır iş yoğun dirəklərin meşədən kəsilib gətirilməsi idi. Hasarı elə düzəltdim ki, kənardan baxan burada insan məskəni olduğunu başa düşməzdi.

Mən öz təsərrüfatımı qaydaya salmağa başlayanda gördüm ki, bir çox zəruri şeylərim yoxdur. Bəzi şeyləri, yəqin ki, heç zaman düzəldə bilməyəcəyəm; məsələn, nə qədər çalışdımsa, su çəlləyi düzəldə bilmədim. Mənim üçün ən zəruri şeylərdən biri də şam idi. Axşam hava qaralmağa başlayan kimi mən də yıxılıb yatmağa məcbur olurdum. Mən keçi piyindən özümə çıraq düzəltdim. Çırağın qabını gildən hazırlayıb günün altında bişirdim. Piltəsini isə köhnə kəndir lifindən düzəltdim.

Anbarda əlimə içində dən olan kiçik bir torba keçdi. Dənlərin çoxunu siçan yemişdi. Torbanı mağaranın yaxınlığında bir yerdə çırpıb təmizlədim. Həmin günlər hava yağmurlu keçirdi. Mən bu əhvalatı tamam unutmuşdum. Aradan bir ay keçdikdən sonra torpaqda cücərtilər gördüm. Bir neçə həftə sonra isə bu cücərtilərin İngiltərədə yetişdirilən əla arpa sünbülləri olduğunu görəndə çox təəccübləndim.








Ən ağır iş yoğun dirəklərin meşədən kəsilib gətirilməsi idi.

Bu kəşfimin məni nə qədər həyəcanlandırdığını təsəvvür etmək çətindir. İnandım ki, Allah-taala mənə bu kimsəsiz və dəhşətli adada ruzi vermək üçün bu toxumu bitiribdir. Gözlərim yaşardı, özümü xoşbəxt hiss edirdim. Sünbüllər yetişəndən sonra mən arpanı bircə-bircə yığdım. Bütün məhsulu toxumluq edib yenidən əkməyi qərara aldım. Yalnız dörd il sonra mən məhsulun az bir hissəsini özümə yemək üçün ayıra bildim.

16 aprel. Hasardan keçmək üçün nərdivan düzəltdim. Az qalmışdı ki, bütün zəhmətim hədər getsin. Hətta özüm də məhv olacaqdım. Mağaranın girəcəyində işlədiyim yerdə bir gurultu eşitdim. Başıma torpaq töküldü, mağaranın tavanına dayaq verdiyim iki qabaq dirək dəhşətli bir cırıltı ilə əyilərək sındı. Tez divardan aşdım. Ayağımı yerə basmamış hər şey mənə aydın oldu. Zəlzələ baş vermişdi. Yer ayağımın altında titrəyirdi. Səkkiz dəqiqənin ərzində yer üç dəfə elə bərk silkələndi ki, dənizdəki qayanın baş hissəsi gurultu ilə uçub suya düşdü.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289280) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



Bütün zamanların ən yaxşı romanlarından sayılan «Robinzon Kruzo»nu oxuduqca kimsəsiz adaya düşən insanın təbiət qüvvələrinə qarşı mübarizə əzmi, möhkəm iradəsi, qətiyyəti, əməksevərliyi, nikbinliyi sizi heyran edəcək.

Как скачать книгу - "Robinzon kruzo" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Robinzon kruzo" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Robinzon kruzo", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Robinzon kruzo»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Robinzon kruzo" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Видео по теме - Robinzon Kruzo uzbek tilida uzbekcha tarjima kinolar Робинзон Крузо кино ???? (1972)

Книги серии

Книги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *