Книга - Tarzan cəngəlliyə qayıdır 2

a
A

Tarzan cəngəlliyə qayıdır 2
E.R. Berrouz


Dünya ədəbiyyatından seçmələr
XX əsrdə fantastika janrının inkişafına böyük təsir göstərmiş məşhur Amerika yazıçısı Edqar Rays Berrouzun yaradıcılığının zirvəsi Tarzan haqqında silsilə hesab olunur. Bu kitab da həmin silsiləyə daxildir.





Edqar Rays Berrouz

Tarzan cəngəlliyə qayıdır. 2-ci kitab





I fəsil

Gəmidə əhvalat







–Nə gözəl!

– Nəyi deyirsiniz? – qraf təəccüblə arvadına baxdı. – Sizi belə heyran edən nədir?

Qrafinya de Kud qızardı və dizinin üstünə qoyduğu jurnalı tələsik qaldırıb səhifəsini çevirdi:

– Heç… Şəkillərə baxırdım, Nyu-Yorkun göydələnləri yadıma düşdü.

Qraf oxuduğu kitabdan ayrıldı.

– Darıxıram, Olqa. Gedim, özümə yoldaş tapıb kart oynayım.

– Bu, nəzakətsizlikdir, əzizim, amma mən sizi bağışlayıram, – qadın gülümsündü. – İstədiyiniz kimi əylənin.

Qraf gedəndən sonra Olqa bir az aralıda kresloda oturub fikrə getmiş ucaboy gənci gözaltı bir də süzdü:

– Hə, gözəldir!

Qrafinya de Kudun iyirmi, ərinin qırx yaşı olardı. Bu izdivacı Olqanın atası – müflisləşmiş rus zadəganı təşkil etmişdi. Qrafinya ərini sevmirdi, amma ona sədaqətini qoruyurdu. İndi də qarşısındakı yaraşıqlı gəncə ağlına heç nə gətirmədən, yalnız maraq xatirinə baxırdı, onun gözəlliyindən həzz alırdı.

Gənc qalxıb göyərtədən salona keçdi. Qrafinya əmrə müntəzir dayanmış qulluqçulardan birini çağırdı.

– Bu cənab kimdir?

– Afrikalıdır, xanım, adı Tarzandır.

Tarzan qapının ağzında şübhəli-şübhəli xosunlaşan iki nəfərin yanından ötüb salona girdi. Nədənsə, bu qaraşın kişilər onun xoşuna gəlmədilər. Amma Tarzan ayaq saxlamadı. Ürəyində: “Adamlar müxtəlif olur”, – deyib keçdi.

O, salonun küncündə boş kreslo tapıb oturdu. Heç cür rahatlana bilmirdi. Ötən həftə başına gələnlər barədə düşünürdü.

“Viskonsin meşəsindəki o balaca stansiyada lord Qreystokun oğlu olduğumu açıb desəydim, haqqım çatan hər şeyə – atamın tituluna, var-dövlətinə sahib çıxardım. Başqasının xatirinə bütün bunlardan imtina etməyim nə dərəcədə doğru idi? Yox, mən bunu Uilyam Sesil Kleytonun deyil, Ceynin xatirinə etdim. Bilirəm ki, əmim oğluna qismət olmuş ad-sanı, sərvəti, mülkləri geri alsaydım da, Ceyn ondan üz döndərməzdi. Əksinə, Kleytonu darda tək qoymazdı, ona daha bərk bağlanardı”.

Tarzan gələcəyini təsəvvürünə gətirməyə çalışırdı.

“Mən cəngəlliyə qayıdacağam. Ömrümün iyirmi iki ilindən iyirmisini orada keçirmişəm. Amma qayıdışıma kim sevinəcək? Ola bilsin, qoca dostum Tantor. Qalanlarsa, yəqin, artıq unudublar. Hətta öz qəbiləmin meymunları da məni qəbul etmək istəməyəcəklər. Mən sivilizasiyadan, yoldaşlarımla ünsiyyətdən tamamilə məhrum olacağam. Dəhşətlidir! Təzə-təzə öyrəndiyim dildə heç kimlə danışa bilməyəcəyəm”.

Bu ağır düşüncələr içində Tarzanın gözü qarşı divarda böyük güzgüyə sataşdı. Salonun ortasında masa arxasında dörd kişi oturmuşdu, kart oynayırdılar. Oyunçulardan biri qalxdı, yoldaşlarına nə isə dedi. Yəqin, getməliydi. Yerinə masaya başqası yaxınlaşdı, ədəblə təzim edib oturdu. Tarzan onu tanıdı. Bayaq qapının ağzında xosunlaşanlardan biri idi.

Məsələ Tarzana müəmmalı göründü. Gözünü güzgüdən ayırmadan oyunu izləməyə başladı.

Tarzan masa arxasındakılardan yalnız birinin adını bilirdi. Gəmiyə minəndə lakey göstərib demişdi ki, bu, məşhur qraf Raul de Kuddur, Fransanın müdafiə nazirliyində yüksək vəzifə tutur.

Bir azdan qapıda pıçıldaşanlardan ikincisi də salona girib düz qrafın arxasında dayandı. Guya oyuna baxırdı, amma gözü otərəf-butərəfdə idi. Salondakıları sezirdi. Üzü əks tərəfə oturmuş Tarzana fikir vermədi. Heç kimin onlara diqqət yetirmədiyinə əmin olanda həmin adam ehmalca əlini başı oyuna qarışmış qrafın pencəyinin cibinə salıb ora nə isə qoydu.

Tarzan hər şeyi güzgüdə açıq-aşkar görürdü. Ancaq dinmədi, işin nə ilə bitəcəyini gözləməyi qərara aldı.

Təxminən on dəqiqədən sonra qraf böyük məbləğdə pul uddu. Oyuna sonuncu qoşulmuş kişi hələ də qrafın arxasında dayanan yoldaşına baxdı. Yoldaşı başını tərpətdi. Kişi ayağa qalxıb barmağını qraf de Kuda tuşladı:

– Mən bilsəydim ki, bu cənab peşəkar fırıldaqçıdır, heç vaxt onunla oynamazdım!

Masa arxasındakı digər üç nəfər də ayağa qalxdı. Qrafın rəngi ağardı.

– Kiminlə danışdığınızın fərqindəsinizmi, ser?

– Bəli, fərqindəyəm. Mən fırıldaqçı ilə danışıram.

Qraf masanın üstündən əyilib onu ittiham edən şəxsin sifətinə şillə vurdu.








– Bu, anlaşılmazlıqdır, ser, – deyə oyunçulardan biri araya girdi. – Qraf de Kudu hamımız tanıyırıq.

– Əgər səhvim varsa, üzr istəməyə hazıram, amma əvvəlcə qraf desin görək, cibinə qoyduğu nə kartlar idi?

Kartları qrafın cibinə salmış adam bu sözlərdən sonra dönüb salonun çıxışına doğru getdi. Amma Tarzan artıq qapıda onun yolunu kəsmişdi.

Dələduz Tarzanı əli ilə kənarlaşdırmaq istədi:

– İcazə verin, keçim.

– Mənə elə gəlir, siz bəzi şeyləri izah etmək üçün lazım olacaqsınız.

Tarzan dələduzun boynundan yapışıb geri fırlatdı və masaya tərəf dartdı. Nikolas Rokoff zəif adam deyildi, amma Tarzana azacıq da olsa müqavimət göstərə bilmədi.

Salondakıların hamısı qrafın başına yığışıb ondan hərəkət gözləyirdi.

– Bu adam dəli olub, cənablar, – deyə qraf toplaşanlara müraciət etdi, – buyurun, üstümü axtarın.

Heç kim buna cəsarət etmirdi. De Kuda qarşı ağır ittiham irəli sürən şəxs inad göstərdi:

– Əlinizi qrafın cibinə salmağınız kifayətdir ki, ona şər atmadığıma əmin olasanız. İstəyirsiniz, kartları mən çıxarım.

– Yox, üstümü axtarmağa ancaq ləyaqətli adama icazə verə bilərəm!

– Ehtiyac yoxdur, kartlar qrafın cibindədir. Mən onların necə qoyulduğunu özüm gördüm.

Hamı dönüb təəccüblə bu sözləri demiş cüssəli gəncə və onun əlində çapalayan adama baxdı.

– Bu, bir qurğudur, məndə heç nə yoxdur, – deyə qraf əlini cibinə saldı və dərhal sifəti meyit rəngi aldı. De Kud yavaş-yavaş əlini cibindən çıxardı: onun barmaqları arasında üç kart var idi.

Qrafın gözləri dəhşətdən böyümüşdü. O, ətrafındakı adamlara baxır, sanki onlardan kömək gözləyirdi. Hamı ikrahla üzünü döndərdi.

Ətrafa ölü sükut çökdü. Sükutu cüssəli gənc pozdu:

– Qraf düz deyir, cənablar, bu, bir qurğudur. Onun kartlardan xəbəri yoxdur. Mən, baxın, o kresloda oturmuşdum və boynundan tutduğum adamın həmin kartları qrafın cibinə necə saldığını güzgüdə öz gözlərimlə gördüm.

Qraf diqqətlə cüssəli gəncin göstərdiyi adama baxdı.

– İlahi! Nikolas Rokoff? Sizsiniz?

Sonra de Kud onu fırıldaqçılıqda ittiham edən şəxsi başdan-ayağa süzdü.

– Sizi isə, Paulviç, saqqalsız tanımaq çətindir. İndi hər şey mənə məlum oldu.

– Bu dələduzlarla nə edək, qraf? – cüssəli gənc soruşdu. – Bəlkə, onları gəminin kapitanına təhvil verək?

Qraf tələsik etiraz etdi:

– Yox, dostum, bu, şəxsi məsələdir. Heç nə lazım deyil. Mənim üçün adımın təmizə çıxarılması kifayətdir. Sizə isə şərəfimi xilas etdiyiniz üçün minnətdaram. Bu da mənim vizit kartım. Həmişə xidmətinizdə durmağa hazıram.

Tarzan Rokoffun boynunu buraxdı. Fırıldaqçılar suları süzülə-süzülə qapıya tərəf getdilər. Çıxışa çatanda Rokoff bir anlığına ayaq saxlayıb gənci hədələdi:

– Burnunuzu başqasının işinə soxduğunuz üçün peşman olacaqsınız!

Tarzan ona baxmadan gülümsündü, öz vizit kartını qrafa uzatdı. Qraf kartı götürüb oxudu:

“M. Jan K. Tarzan”.

– Müsyö Tarzan, mənə kömək etməklə siz Avropanın ən böyük iki vicdansızının nifrətini qazandınız. Onlar çox təhlükəlidirlər, ehtiyatlı olun.

Tarzan yenə gülümsündü:

– Əziz qraf, mənim bunlardan da təhlükəli düşmənlərim olub, gördüyünüz kimi, sağ-salamatam.

– Təki elə olsun, müsyö. Amma unutmayın ki, bu gün özünüzə daha iki qorxunc düşmən qazandınız. Şeytan onların yanında məsum körpədir.

Kayutuna qayıdanda Tarzan qapının altında iki qatlanmış vərəq gördü. Kağızı qaldırıb açdı:

“Siz bizə qarşı həqarət etdiniz və buna görə üzr istəməlisiniz. Söz verməlisiniz ki, bir də özünüzə aid olmayan işlərə qarışmayacaqsınız. Əks halda… Amma güman edirəm ki, ağlınızı başınıza yığacaq, düzgün yol seçəcəksiniz. Nikolas Rokoff”.

Tarzan istehza ilə güldü və kağızı bürmələyib atdı.

Həmin vaxt qonşu kayutlardan birində qraf de Kud arvadını sorğu-suala tutmuşdu:

– Nikolay gəmidədir, Olqa, siz bunu bilirdiniz?

– Nikolay? Ola bilməz! Axı o, Almaniyada həbsdədir…

– Bu günədək mən də belə fikirləşirdim. Amma onu vicdansız dostu Paulviçlə salonda gördüm. Mən Nikolayın təqiblərindən bezmişəm. Əvvəl-axır onu polisə təhvil verəcəyəm. Fikirləşirəm, bəlkə, kapitana deyim, xaini elə indi tutub saxlasınlar? Gəmidə bu, çox asan olardı.

– Ah, yox, Raul, – qrafinya ərinin qarşısında diz çökdü. – Yadınıza salın, mənə söz vermişdiniz ki, onu siz tutdurmayacaqsınız. Məni qorxutmayın.

Qraf Olqanın zərif əllərindən tutub qaldırdı. Arvadının gözlərinin içinə baxdı.

– Yaxşı, necə istəyirsiniz. Bununla belə, başa düşmürəm: axı o sizin məhəbbətinizə, sədaqətinizə, hörmətinizə haqqını çoxdan itirib. Özünüzü hədələyir, ərinizi təqib edir, sizsə… Təki axırda peşman olmayasınız.

– Mən ona sizdən çox nifrət edirəm, Raul, amma… qanımız birdir, qan çəkir…

– Onda qan deyilən şey yoxdur, bir az bundan əvvəl mənim şərəfimi ləkələmək istəyirdi.

Qraf salonda baş vermiş əhvalatı arvadına danışdı.

– Əgər bir nəfər orada olmasaydı, istəklərinə çatmışdılar. Kartlar cibimdən çıxandan sonra kim mənə inanardı? Yaxşı ki, Tarzan adlı bu cənab sizin Nikolayı tutub darta-darta yanımıza gətirdi, hiyləsinin üstünü açdı.

– Tarzan? – qrafinya təəccübləndi.

– Hə. Nədir ki? Siz onu tanıyırsınız?

– Göstəriblər.

– Yəni bu müsyö belə məşhurdur ki, onu başqalarına da göstərirlər?

Qrafinya söhbətin mövzusunu dəyişdi.




II fəsil

Nifrət bağları düyünlənir və …







Növbəti günün axşamı Tarzan Rokoffla Paulviçi gəminin göyərtəsində gördü. Onlar bir qadını küncə qısıb arxaları Tarzana tərəf nə barədə isə danışırdılar. Qadının geyimindən çox varlı olduğu görünürdü. Yaraşıqlı bədən quruluşu var idi, amma şlyapasının duvağı sifətini gizlədirdi.

Tarzan ehmalca onlara yaxınlaşdı. Dillərini başa düşmədi, buna baxmayaraq açıq-aşkar hiss olunurdu ki, bu iki adam qadını hədələyir, onu nəyəsə təhrik etmək istəyirlər, qadın isə gah susur, gah kişilərə yalvarırdı.

Nəhayət, qadını yola gətirə bilməyən Rokoff onun qolunu burub qanırdı. Həmin an çiynində ağır bir əl hiss etdi. Rokoff cəld geri döndü və dünənki cüssəli gəncin soyuq baxışları ilə qarşılaşdı.

– Ağlınızı itirmisiniz, nədir? Siz yenə mənim işimə qarışırsınız?

– Məktubunuzu aldım, müsyö, cavabını gətirmişəm, – deyə Tarzan zərblə rəqibini itələyib gəminin məhəccərinə çırpdı.

Rokoff revolverinə əl atdı:

– Buna görə mənə həyatınızla cavab verməli olacaqsınız!

Qadın qışqırdı:

– Lazım deyil, Nikolay! Lazım deyil! Sizsə, müsyö, hələ ki sağsınız, qaçın.

Tarzan onun sözlərinə əhəmiyyət vermədən Rokoffun üstünə yeridi. Rokoff revolverini qaldırıb çaxmağı çəkdi, amma tətiyi basmağa imkan tapmadı. Tarzan bir sıçrayışla silahı vurub onun əlindən suya saldı.

İki düşmən üz-üzə dayandı. Rokoff özünü ələ aldı:

– Artıq ikinci dəfədir ki, sizə aid olmayan işlərə qarışırsınız, müsyö, Rokoffun yolunu kəsirsiniz. Birinci dəfə üstündən keçdim, dedim, ağıllanarsınız. Amma daha bağışlamayacağam. Cəzasını çəkməli olacaqsınız! Rokoffun kim olduğunu mən sizə göstərərəm!

– Kim olduğunuzu bilirəm, müsyö, siz qorxaq və alçaqsınız.

Bunu deyib Tarzan özünü təqdim etmək üçün qadına sarı döndü. Amma onu görmədi və yoluna davam etdi.

“Bu adamlar nə istəyirlər? Görəsən, nə hiylə qurublar?”

Duvaqlı qadının üzünü görə bilmədiyi üçün Tarzan onu tanımadı, amma Rokoffun qanırdığı əlinin barmağındakı yekə üzüyün orijinal forması yadında qaldı. O, qarşısına çıxan bütün qadınların əllərinə baxmağı və həmin üzüklə Rokoffun təqib etdiyi adamı müəyyənləşdirməyi, ehtiyac olarsa, ona yardım göstərməyi qərara aldı.

Tarzan göyərtədəki boş kreslolardan birində oturub fikrə getdi.

Meymun-adam həyatında ilk insanı – anası Kalanı öldürmüş Kulonqanı gördüyü gündən dörd il keçirdi. Bu dörd ildə o, insan qəddarlığının, hikkəsinin, yalanının dəfələrlə şahidi olmuşdu! Dəniz quldurlarının başçıları Kinqi öldürməyi, sonra professor Porterin dəstəsini cəngəllikdə atıb getmələri, zəncilərin öz əsirlərinin başlarına açdıqları oyunlar, Qərbi Afrika müstəmləkələrində hərbçilərin və məmurların törətdikləri naqisliklər yadına düşdü.

“İlahi, insanlar necə də bir-birinə oxşayırlar, – deyə düşündü. – Tələ qururlar, öldürürlər, aldadırlar… Sonradan əyləncələrinə sərf edəcəkləri pula görə ən çirkin oyunlardan çıxırlar. Bu cılız adətlər, istəklər onları öz ehtiraslarının qullarına çevirir. Hələ bir inanırlar da ki, onlar – təbiətin şahıdırlar. Ağılsız, sərsəm dünya! Cəngəllikdəki azadlığımdan əl çəkib insanların şərtiliklərlə dolu bu dünyasına baş vurmaqda, bəlkə, mən də səhv etmişəm…”

Tarzana elə gəldi ki, kimsə onu izləyir. Sürətlə geri döndü. Arxadakı kreslolardan birində əyləşmiş gözəl, gənc qadın nəzərlərini qaçıra bilmədi, onların baxışları qarşılaşdı. Qadın qızarıb ayağa qalxdı və tələsik uzaqlaşdı, əlini küləyin dağıtdığı saçlarına çəkəndə Tarzan onun barmağındakı yekə, orijinal formalı üzüyü gördü.

Axşam yeməyindən sonra Tarzan yenə göyərtəyə çıxıb okeana baxırdı. Ayın işığı sularda zolaq salmışdı. Rokoffla Paulviç xısınlaşa-xısınlaşa yaxınlıqdan keçdilər, amma arada pilləkən olduğu üçün onu görmədilər. Tarzanın qulağına Rokoffun sözləri dəydi: “…qışqırsa, boğarsan, o vaxta qədər ki…” O bu iki fırıldaqçının növbəti hiylə hazırladıqlarını başa düşdü və dallarınca getdi.

Rokoffla Paulviç salonun bərabərində ayaq saxlayıb pəncərədən içəri baxdılar. Gözləri kimisə axtarırdı. Nəhayət, axtardıqları adamı salonda gördülər və bundan sonra inamlı addımlarla birincidərəcəli kayutlar yerləşən mərtəbəyə qalxdılar.

Dələduzlar bahalı kayutlardan birinin qarşısında dayandılar. Tarzan yan dəhlizə keçib gizləndi.

Rokoff qapını döydü, Paulviç onun böyründə dayandı.

İncə qadın səsi eşidildi:

– Kimdir?

– Mənəm, Olqa, Nikolay.

– Məni niyə rahat buraxmırsan? Niyə mənə əziyyət verirsən? Sənə nə pislik etmişəm?

– Olqa, ikicə kəlmə sözüm var. Qorxma, içəri də girməyəcəyəm, qapını azca arala, qışqıra-qışqıra danışa bilmərik ki…

Qıfıl şaqqıldadı, qapı azca aralandı.

Tarzan küncdən başını çıxardı.

Əvvəlcə Rokoffla qadın pıçıltı ilə danışırdılar. Rokoff elə dayanmışdı ki, Tarzan onların nə üzünü görür, nə səslərini eşidirdi. Birdən qadın səsini qaldırdı:

– Yox, Nikolay, nə edirsən et, heç vaxt buna razı olmaram. Çıx get. Sən söz vermişdin ki, içəri girməyəcəksən!

– Yaxşı, Olqa. Mən girməyəcəm. Amma təklifimə razı olmadığının peşmançılığını çəkəcəksən. Axırda onsuz da mən istədiyim olacaq!

Rokoff yana çəkildi. Paulviç onun arxasından çıxıb qapı ilə bir yerdə qadını içəri itələdi və cəld otağa girdi. Qapı bağlandı.

Kayutdan qadın qışqırığı eşidildi. Tarzan dərhal gizləndiyi yerdən çıxdı. Saqqalını tumarlaya-tumarlaya otaqdan gələn səslərə qulaq asan Rokoff onu görən kimi qaçmaq istədi, amma Tarzan aman vermədi. Rokoffun peysərindən yapışdı, çiyni ilə vurub qapını sındırdı və onu da özü ilə içəri sürüdü.

Paulviç gözəl bir qadını çarpayıya yıxıb boğurdu. Qadın çırpınır, onun əlindən çıxmağa çalışırdı.

Hay-küyə Paulviç qadının boğazını buraxmadan başını döndərdi. Tarzanın qəzəbli baxışı onu yerindən dik atılmağa məcbur etdi.

Qadın da birtəhər qalxıb çarpayıda oturdu. Onun bir əli boğazında idi, güclə nəfəs alırdı. Tarzanın gözü qadının barmağındakı tanış üzüyə sataşdı.

– Bu nə deməkdir? – Tarzan nifrətlə Rokoffun sifətinə baxdı. Dələduzların ikisi də susurdu.

Tarzan qadına tərəf döndü:

– Zəhmət olmasa, zəngin düyməsini basıb gəminin mühafizəçilərini çağırın. Deyəsən, məsələ getdikcə qəlizləşir.

Qadın tələsik yerindən qalxdı:

– Yox, yox, xahiş edirəm, lazım deyil. Onlar mənə heç bir pislik etmək istəmirdilər. Mən bu cənabı hirsləndirdim, o da özündən çıxdı. – Qadın yalvarışa keçdi. – İstəmirəm ki, səsə salasınız, müsyö. Xahiş edirəm…

– İstəmirsiniz?

– Xahiş edirəm…

Tarzan bir şey başa düşməsə də, Rokoffun istehzalı gülüşü onun nəzərindən qaçmadı.

– Elədə bütün məsuliyyəti mən öz üzərimə götürürəm. Bura baxın, – deyə Tarzan Rokoffu hədələdi, – bundan sonra həmişə gözüm üstünüzdə olacaq, sizi bir də bu qadına yaxınlaşan görsəm, özünüzdən küsün. İndi isə rədd olun!

Tarzan basqınçıların ikisinin də boynundan tutub bayıra atdı. Hərəsinin dalından bir təpik vurdu.

– Sizdən isə, xanım, xahiş edəcəyim ki, bu dələduzlar sizi bir də incitsələr, dərhal mənə xəbər verəsiniz.

– Özünüzə çox qəddar düşmənlər qazandınız, yaxşısı budur, onlardan ehtiyatlı olun, müsyö…

– Bağışlayın, xanım, mənim adım Tarzandır.

– …müsyö Tarzan. Mühafizəçi çağırmağa razı olmadığım üçün elə bilməyin ki, sizin alicənablığınızı qiymətləndirmirəm. Sizə hədsiz minnətdaram, yaxşılığınızı heç vaxt unutmayacağam. İndisə gecəniz xeyrə qalsın, müsyö Tarzan.

Qadın təzim etdi.

Tarzan otaqdan çıxdı və birbaşa öz kayutuna getdi. Yolboyu o fikirləşirdi ki, görəsən, niyə bu qadın da qraf de Kud kimi Rokoffun hoqqalarına dözür? Onu polisə təhvil verməyə razı olmur? Burada nə sirr var?

Səfərin sonunadək Tarzan bu münaqişənin iştirakçılarından heç birini görmədi. Yalnız axırıncı gün təsadüfən həmin qadınla göyərtədə qarşılaşdı. Qadın günahkarcasına gülümsədi, sanki Rokoff, Paulviç kimi adamlarla münasibəti olduğuna görə Tarzanın yanında xəcalət çəkirdi.

– Ümidvaram ki, o hadisədən sonra mənim haqqımda pis fikirləşmirsiniz, müsyö. Utandığımdan o gündən sonra ilk dəfədir ki, kayutdan çıxıram.

– Ceyranlar haqqında heç vaxt onlara hücum etmiş şirə baxıb mülahizə yürütməzlər, xanım. Mən həmin adamların gəmi salonunda başqa fırıldaqlarının da şahidi olmuşam.

– Xoş sözlərinizə görə çox sağ olun. Dediyiniz əhvalatdan xəbərdaram, ərim mənə danışıb. Sizin cəsarətinizə və mərdliyinizə heyran olduğunu, özünü sizə borclu saydığını da deyib.

– Əriniz?

– Bəli, mən qraf de Kudun həyat yoldaşıyam.

Onlar köhnə dostlar kimi ayrıldılar. Uzun yol yoldaşları, adətən, asanlıqla bir-biri ilə dil tapır, dostlaşırlar, amma ayrıldıqdan sonra çox vaxt daha görüşmürlər.

Parisdə gəmini tərk edəndə Tarzan öz-özünə düşünürdü ki, görəsən, bu böyük şəhərdə nə vaxtsa bir də gözəl qrafinya ilə üz-üzə gələcəkmi?




III fəsil

Ru Molda nələr oldu







Parisdə Tarzan ilk növbədə dostu d`Arnoya baş çəkdi. Hər şeyi yerli-yataqlı ona danışdı.

– Nə dərəcədə ağlını itirməlisən ki, dostum, təkcə öz halal haqqından, var-dövlətindən deyil, həm də damarlarında meymun qanı yox, İngiltərənin iki nəcib ailəsinin qanı axdığını sübut etmək imkanından keçəsən! – deyə zabit əhvalatı biləndə əsəbiləşdi. – Başa düşmürəm, onlar sənə necə inanıblar? Məsələn, mən heç vaxt, hətta siz cəngəllikdə çiy ət yeyib yağlı əllərinizi üstünüzə sildiyiniz vaxtlarda da inanmamışam ki, ananız meymun olub, hiss etmişəm ki, əsil-nəcabətiniz var. İndi isə atanızın bütün sirləri açıb tökən gündəliyi, ən əsası, daşdan keçən dəlil – gündəlikdə qalmış barmaq izlərinin sizə məxsus olduğu haqda arayış əlinizdə ola-ola özünüzü səfalət içində, ad-sansız bir həyata məhkum edirsiniz.

– Mənə Tarzan adı bəs edir. Səfalət içində ömür sürməyə də hazırlaşmıram. Sizdən bir dost kimi sonuncu xahişim olacaq – mənə iş tapın.

– İşi neyləyirsiniz? – d`Arno mızıldandı. – Sizə dəfələrlə eşitdirmişəm ki, mənim pulum iyirmi adama çatar, demişəm ki, sərvətimin yarısı sizindir. Hamısını versəm də, etdiyiniz yaxşılığın əvəzini çıxa bilmərəm. Siz olmasaydınız, mən indi Mbonqanın adamyeyənlərinin qarnında idim. Yaralarım sağalana qədər başımın üstündən çəkilmədiyinizi də unutmamışam. Mən sonralar bildim ki, həmin günləri itirmək sizin üçün nə demək imiş. Mən sizi pulla mükafatlandırmaq istəmirəm, Tarzan. Amma pərəstiş etdiyim bir dostuma hansı yolla xidmət göstərə bilərəm, əlimdən başqa nə gəlir?

– Yaxşı, – Tarzan güldü, – pul üstündə mübahisə etməyək. Yaşamaq üçün, əlbəttə, pul lazımdır. Amma məsələ tək bunda deyil. Mənə xidmət göstərməyin yolunu axtarırsınızsa, bir işə düzəldin. Bikar qalsam, doğrudan da, itib-bataram. Ad-sanıma, var-dövlətimə görə isə narahat olmayın – yaxşı əllərə keçib. Kleyton onlara zorla yiyə çıxmayıb ki… Bundan başqa, əgər mən haqqımı tələb etsəydim, onda Kleytona ərə gedən Ceyni də çox şeydən məhrum etmiş olardım. Bu, düzgündürmü, Pol? Bir də… Əsil-nəcabətin mənim üçün ciddi əhəmiyyəti yoxdur. Mən elə bir şəraitdə böyümüşəm ki, orada ata-ananın kim olduğuna heç kim fikir vermir. Kala məni dünyaya gətirməsə də, əsl analıq etməyibmi, Pol? Ana kimi əmizdirib, mənə görə vəhşi heyvanlarla, öz qəbilə üzvləri ilə vuruşmayıbmı? Sizin üçün o, qaba, eybəcər meymun, mənim üçünsə qayğıkeş, gözəl ana olub. Bunu da başa düşmürsünüz, Pol?

– Mən sizin keçmişə sədaqətinizə heyranam, amma vaxt gələcək, Tarzan, siz öz hüquqlarınızı bərpa etmək istəyəcəksiniz. Sözlərimi yadınızda saxlayın. Ümid edirəm ki, o zaman bu, indikindən çətin olmayacaq. Unutmayın ki, cəngəllikdə dəfn edilmiş körpə skeletinin lord Qreystokun oğluna deyil, antropoidə məxsus olduğunu cəmi iki adam and içib təsdiqləyə bilər – professor Porter və Filander. Onlar isə cavan deyillər. Başqa tərəfdən axı niyə siz əminsiniz ki, miss Porterə həqiqəti desəniz, o, Kleytona daha bərk bağlanacaq? Məncə, əksinə olacaq. Bir özünüz fikirləşin…

Tarzan başını buladı.

– Yox, siz bu qızı tanımırsınız. Kleyton taledən belə bir zərbə alsa, heç nə miss Porteri ona bundan bərk bağlaya bilməz.

Tarzan üç həftə Parislə yarımçıq qalmış tanışlığını davam etdirdi. O, gündüzlər muzeyləri, kitabxanaları gəzir, yorulmadan oxuyur, öyrənirdi, mədəni həyata alışmağa çalışırdı, axşamlar isə dostları ilə əylənirdi. Paris elə bir şəhərdir ki, orada öyrənmək istəyənlərin də, əylənmək istəyənlərin də qarşısında geniş imkanlar açılır.

Bir axşam Tarzan musiqili teatrda rus rəqqasəsinin oyununa baxırdı. Tək idi, d`Arnonu başqa yerə qonaq çağırmışdılar. Teatrın foyesində kiminsə diqqətlə ona baxdığını hiss etdi. Tarzan başını döndərənə kimi həmin şəxs üzünü çevirib tamaşaçıların arasında yox oldu. Meymun-adam bu hadisəyə ciddi əhəmiyyət vermədi. Amma çıxışda yenə həmin müəmmalı insanı gördü: o, küçənin əks tərəfində, qaranlıq dalanda dayanıb gözləyirdi.

Gecə düşmüşdü. Belə vaxtlarda şəhərdən evə qayıdanda Tarzan Mol küçəsi ilə getməyi xoşlayırdı. Qaranlıq, kimsəsiz Ru Mol ona doğma cəngəlliyini xatırladırdı. Parisi tanıyanlar bu qorxunc küçəyə yaxşı bələddirlər və hava qaralandan sonra oradan yan keçməyə çalışırlar.

Tarzan hündür, çirkli binaların arası ilə iki döngə keçdi. Növbəti döngənin tinində qarşı binanın üçüncü mərtəbəsinin pəncərəsindən qadın qışqırığı eşidildi. Səs köməyə çağırırdı. Tarzan qadının ikinci dəfə qışqırmasını gözləmədi, qaça-qaça binaya girdi və sürətlə pilləkənləri qalxdı. Üçüncü mərtəbənin dəhlizinin sonundakı otağın qapısı azca aralı qalmışdı, qadın hələ də bağırırdı.

Tarzan yarıqaranlıq otağa daxil olan kimi on nəfərdən artıq cantaraq kişinin əhatəsinə düşdü. Təxminən otuz yaşında bir qadın əli ilə boğazını tutub küncə qısılmışdı. Onun yüngül həyat tərzi keçirdiyi hətta kerosin lampasının işığında da üz-gözündən bilinirdi.

– Xilas edin, müsyö, – qadın inildədi, – məni öldürmək istəyirlər.

Tarzan rəqiblərini süzdü. Heç kimin yerindən tərpənməməsi onu təəccübləndirdi, sanki Tarzanı burada gözləyirdilər. Yalnız bir nəfər sivişib qapıdan çıxdı.

Tarzan Nikolas Rokoffu ani baxışdan tanıdı.

Növbəti saniyədə quldurlar Tarzanın üstünə tökülüşdülər. Kiminin əlində bıçaq, kiminin əlində dəyənək var idi.

Meymun-adam zərbələrdən ustalıqla yayınıb rəqiblərindən ən güclüsünü seçdi və bir yumruqla onu yerə sərdi. Sonra qalanlara tərəf döndü. Tarzanın vəhşi instinktləri oyanmışdı, gözünü qan tutmuşdu. İndi o bu quldurlarla köhnə oyununu oynayırdı.

Rokoff dəhlizin başında dayanıb gözləyirdi, Tarzanın meyitini gözləri ilə görməmiş getmək istəmirdi.

Qadın küncdə donub-qalmışdı, heyrətlə Tarzanı izləyirdi. Bu onun pəncərədən baxıb köməyə çağırdığı, üst-başından və yerişindən son dərəcə mədəni insan təəssüratı bağışlayan gəncə bənzəmirdi. Qadın qarşısında qəzəblənmiş Heraklı görürdü.

– İlahi, bu ki vəhşidir, – deyə o, qısıldığı küncdə yerə çökdü.

Tarzan, həqiqətən, vəhşiləşmişdi. Meymun-adam eyni zamanda bir neçə nəfərlə vuruşur, dala-qabağa tullanır, əlləri, ayaqları, dirsəkləri ilə, hətta iti dişlərini işə salaraq düşmənlərində salamat yer qoymurdu. Kiminsə Tarzanın dəmir biləkləri arasında sümükləri şaqqıldayır, kiminsə qolu çiynindən sallanırdı. Qışqırıqdan qulaq tutulurdu. İmkan tapan bayıra qaçır, canını qurtarırdı.

Qanı axa-axa bir-birinin dalınca dəhlizə çıxan muzdlu qatilləri görəndə Rokoff başa düşdü ki, bu dəfə də Tarzanla bacarmayacaq və polis çağırmaq üçün telefon axtarmağa getdi.

Polislər özlərini yetirəndə artıq hər şey bitmişdi. Tarzan otağın ortasında döyüşü davam etdirməyə hazır vəziyyətdə dayanmışdı, üç nəfər yerdə uzanıb zarıyırdı, qalanlar qaçmışdılar, qadın isə divarın küncündən tərpənməmişdi.

– Burada nə baş verib? – deyə polislərdən biri zəhmlə soruşdu.

Tarzan əhvalatı izah etdi.

– Yalan deyir! – qadın qışqırdı və Tarzanı polislərə göstərdi. – Bu kişi üstümə hücum çəkdi, məni öldürmək istəyirdi, harayıma gələnlərinsə hamısını şil-küt etdi. O, şeytandır, təkbaşına on nəfərin öhdəsindən gəldi!

Tarzan çaşdı, indicə böyük bəladan xilas etdiyi adamdan belə nankorluq gözləmirdi.

Polislər görünüşündən alicənab insana oxşayan Tarzana şübhə qarışıq maraqla baxdılar. Onlar bu qadını tanıyırdılar, hansı yuvanın quşu olduğunu bilirdilər. Amma hər ehtimala qarşı, otaqdakıların hamısını məntəqəyə aparmağa, orada məsələni yerli-yataqlı araşdırmağa qərar verdilər.

Tarzan polislərin əmrinə tabe olmadı:

– Mənim günahım yoxdur, özümü müdafiə edirdim. Bilmirəm bu qadın niyə yalan danışır? Mən onu birinci dəfədir ki, görürəm. Bura isə qışqırığını eşidib gəlmişəm.

– Yaxşı, yaxşı, – deyə polislərdən biri Tarzanın qolundan yapışmaq istədi. – Gedək, bunların hamısını lazımi yerdə danışarsınız.

Meymun-adam bircə anın içərisində yan-yana sərdiyi dörd polisə özünə gəlməyə imkan vermədi, kerosin lampanı döşəməyə çırpıb sındırdı. Otaq zülmətə qərq oldu. O, açıq pəncərədən bayıra atıldı və qarşı tərəfdəki teleqraf dirəyindən tuta-tuta dama dırmaşdı, qaranlıqda qeyb oldu.

Polislər bütün küçəni ələk-vələk eləsələr də, Tarzandan əsər-əlamət tapmadılar. Onlar nə edəcəklərini bilmirdilər. Təlim görmüş dörd silahlı polis nəfəri gedib rəislərinə necə deyəydi ki, bir əliyalın adamı da tutub məntəqəyə gətirməyi bacarmayıblar?

Hadisə yerindən bir neçə tin uzaqlaşdıqdan sonra Tarzan dama dırmaşdığı kimi də aşağı düşdü. Gecə kafelərindən birinə girib əl-üzünü yudu, üst-başını təmizlədi və heç nə olmamış kimi yoluna davam etdi.

Lap evinin yaxınlığında, fənərlərlə gur işıqlandırılmış küçədə Tarzanın qarşısında bir limuzin dayandı. Kimsə maşının şüşəsini aşağı salıb onu səslədi. Tarzan arxa oturacaqda gülümsəyən qrafinya de Kudu gördü və nəzakətlə baş əydi. Olqa ona əl etdi. Limuzin yerindən tərpəndi.

“Bir gündə həm Rokoffla, həm də qrafinya de Kudla qarşılaşmaq?.. Təsadüfə bax! Paris, doğrudan da, kiçik şəhərmiş”.




IV fəsil

Qrafinyanın izahatı







–Sizin Paris mənim cəngəlliyimdən təhlükəlidir, Pol, – deyə Tarzan gecə başına gələn əhvalat haqqında hekayətini bitirdi. Bunun üçün səhər tezdən durub dostunun yanına gəlmişdi. – Onlar mənə niyə tələ qurmuşdular? Nədir, yemək istəyirdilər?

D`Arno güldü:

– Cəngəllik qaydalarını unudub sivil insanlar kimi düşünmək, deyəsən, çətindir, dostum, eləmi?

– Sivil düşüncə tərzi bunamı deyirsən? Cəngəllikdə məqsədsiz qəddarlıq olmur. Heyvanlar ya yemək, ya da özlərini, ailə üzvlərini müdafiə etmək məqsədilə bir-birini öldürürlər. Hər şey təbiətin qanunlarına uyğun, mərd-mərdanə baş verir. Sizin mədəni insanlar isə heyvanlardan qəddardırlar. Onlar bir-birini hiylə ilə və ondan da pis, başqalarının xeyirxah niyyətlərindən vicdansızcasına istifadə etməklə tələyə salırlar. Axı mən o qadına kömək etmək üçün həyatımı riskə atmışdım. Başa düşmürəm, qadın nə dərəcədə mənəviyyatsız olmalıdır ki, öz xilaskarına qarşı belə nankorluq etsin? Buna isə şübhəm yoxdur. Rokoffu orada öz gözlərimlə gördüm. Rokoff məni güdürmüş, hansı yolla gedəcəyimi əvvəlcədən bilirmiş, əminəm ki, tələni də o qurub.

– Sizə neçə dəfə demişəm ki, axşamlar yolunuzu Ru Moldan salmayın. Gördünüz?

– Əksinə, bundan sonra həmişə belə edəcəyəm. Afrikadan çıxandan ilk dəfədir ki, ürəyimcə əylənirəm.

– Amma unutmayın ki, əyləncə hələ bitməyib. Qarşıda sizi polislə görüş gözləyir. Mən Parisin polislərini yaxşı tanıyıram. Onlar bunu sizə bağışlamayacaqlar, axtarıb tapana, həbs edənə qədər sakitləşməyəcəklər. Xoşunuza gələr?

Tarzanın sinəsi qabardı:

– Hünərləri var, həbs etsinlər.

Dostunun səsinin tonu d`Arnonu həyəcanlandırdı. O başa düşdü ki, Tarzan zarafat etmir, polislə üz-üzə gəlsə, əlindən xata çıxa bilər və bu xoşagəlməz əhvalata tezliklə nöqtə qoymaq lazımdır.

– Cəmiyyətin qanunlarına, xoşunuza gəlsə də, gəlməsə də, hörmətlə yanaşmalısınız, Tarzan. Polislə münaqişəyə girsəniz, axırda özünüzə pislik edəcəksiniz. Mənə elə gəlir ki, bu dəfə məsələni yoluna qoya biləcəyəm. Amma bundan sonra qanunlarla hesablaşmalısınız, polisin tələblərinə əməl etməlisiniz. İndisə durun, gedək mənim nazirlikdə işləyən dostumun yanına, görək başımıza nə gəlir. Durun.

Yarım saatdan sonra onlar polis komissarının kabinetində idilər. Məmur d`Arnonu keçən dəfəki kimi mehriban qarşıladı, Tarzanı da dərhal tanıdı, onun barmaq izlərini şəxsən araşdırdığını xatırladı.

D`Arno Tarzanın gecə macərasını dostuna ətraflı nəql etdi. Tarzanın gözlədiyinin əksinə olaraq məmur hirslənmədi. Əksinə, bic-bic gülüb əlinin altındakı düyməni basdı. Köməkçisi içəri girəndə masasının üstündəki sənədlərin arasından bir kağız çıxardı.

– Jubon, alın bu sənədi, orada adları çəkilən polisləri mənim yanıma çağırın.

Sonra komissar Tarzana tərəf döndü:

– Siz çox səhv iş tutmusunuz, müsyö. Əgər d`Arno belə tezliklə məsələnin üstünə düşməsəydi və vəziyyəti mənə izah etməsəydi, açığı, axırı pis qurtara bilərdi. Dünən əzişdirdiyiniz polislər indi bura gələcəklər. Qoy d`Arno mənə dediklərini onlara da danışsın və polislər özləri qərar versinlər: sizi məsuliyyətə cəlb edək, yoxsa sərbəst buraxaq.

Bilirsinizmi, siz hələ çox şey öyrənməlisiniz. Sizə bəzən mənasız görünən qaydaların arxasında gizlənmiş məntiqi dərk edənədək onları, sadəcə, qəbul etməlisiniz. Dünən hücumunuza məruz qalmış polislər öz vəzifə borclarını yerinə yetirirdilər. Onlar hər gün başqalarının həyatını, əmlakını qorumaq naminə özlərini təhlükəyə atırlar. Dünən axşam da belə etmişdilər. Bu cəsur və ləyaqətli insanlar sizin rəftarınıza görə özlərini alçaldılmış hiss edirlər. Onlara həmin hisdən azad olmaqda kömək edin. Görürəm, siz cəsur adamsınız, cəsur insanlar isə həmişə ürəyigeniş olurlar.

İçəri dörd polis girdi. Tarzanı görəndə onlar çox təəccübləndilər.

– Övladlarım, – komissar dedi. – Qarşınızdakı gecə Mol küçəsində üzləşdiyiniz şəxsdir. Öz ayağı ilə gəlib. İstəyirəm leytenant d`Arnonun hekayətini dinləyəsiniz, onun sizə deməyə sözü var. Buyurun, əziz leytenant.

D`Arnonun izahatı azı yarım saat çəkdi. O, təkcə dünənki hadisədən deyil, Tarzanın keçmişindən, adət etdiyi həyatdan, cəmiyyətə uyğunlaşmağının çətinliklərindən danışdı.

– Mən başa düşürəm ki, sizin ləyaqətinizə toxunulub, – d`Arno sözünü yekunlaşdırdı. – Amma dördünüz bir nəfərin öhdəsindən gələ bilmədiyinizə görə utanmamalısınız. Təsəvvür edin ki, sizi Afrika şiri ilə bir otağa salıblar və ağzınızı bağlayıblar. İnanın ki, Tarzan o şirdən də güclü, qeyri-adi insandır.

Polislər çaşqın halda gah Tarzana, gah öz rəislərinə baxırdılar. Tarzan ayağa qalxdı, əlini uzadıb polislərə doğru getdi.

– Mən səhvimdən peşmanam. Mümkünsə, dost olaq.

Bununla da bütün gərginlik aradan qalxdı. Tarzan polislərlə, həqiqətən, dost kimi ayrıldı.

Evdə d`Arnonu Uilyam Sesil Kleytondan məktub gözləyirdi. Afrikaya ekspedisiyadan qayıtdıqdan sonra fransalı zabitlə ingiltərəli ser dostlaşmışdılar və hərdən yazışırdılar.

– Onlar iki aydan sonra Londonda nikah kəsdirəcəklər, – d`Arno Tarzanın üzünə baxmadan məktubu masanın üstünə qoyub dedi.

“Onlar”ın kim olduğunu izah etməyə ehtiyac yox idi. Tarzan hər şeyi başa düşdü.

Axşam dostunun eynini açmaq üçün d`Arno onu opera teatrına apardı.

Tarzanın gözü səhnədə olsa da, fikri başqa yerdəydi, xəyalında Ceynlə danışırdı, aktrisaların deyil, onun məlahətli səsini eşidirdi. Bu qızı birdəfəlik itirəcəyinə heç cür inana bilmirdi.

Tarzan bu ağır düşüncələrdən ayrılıb zala boylandı və qrafinya de Kudla baxışları kəsişdi. Qrafinya gülümsəyib başını tərpətdi. Tarzan da uzaqdan Olqaya salam verdi. O bu gözəl qadının baxışlarında dəvət, hətta bir yalvarış sezdi.

Fasilədə Tarzan qrafinyanın lojasına qalxdı.

Olqa sevindi:

– Sizi çox görmək istəyirdim. Mənə və ərimə böyük yaxşılıq etmisiniz, biz isə bunun əvəzini heç nə ilə qaytara bilməmişik, hətta lazımi izahat da verməmişik. Bunu özünüzə qarşı etinasızlıq kimi qəbul etməyin.

– Xətrimə dəyirsiniz, – deyə Tarzan etiraz etdi. – Mən sizi həmişə böyük məmnuniyyətlə xatırlayıram və heç bir izahat gözləmirəm. Daha o fırıldaqçılar sizi incitmirlər?

– Əl çəkmirlər, – qrafinya kədərləndi. – Mən bu dərdi kiminləsə bölüşməliyəm və açığı, hamıdan çox sizə etibar edirəm. İcazənizlə, hər şeyi danışım. Bilməyinizin sizə də xeyri olar, çünki mən onları yaxşı tanıyıram, əminəm ki, intiqamlarını almasalar, sizdən də əl çəkməyəcəklər. İndi yeri deyil, amma, bəlkə, sabah saat beşdə? İmkanınız olacaqmı? Mən evdə olacağam.

– Sabah saat beşi səbirsizliklə gözləyəcəyəm.

Tarzan təzim edib de Kudun lojasından çıxdı.

Rokoffla Paulviç salonun uzaq küncündə yanaşı dayanıb bu səhnəni seyr edirdilər.

Ertəsi gün saat beşin yarısında saqqallı bir kişi qraf de Kudun böyük evinin arxa qapısını döydü. Qapını açan qulluqçu onu tanıyanda qaşlarını çatdı. Bir neçə dəqiqə ikilikdə ayaqüstü söhbət etdilər. Əvvəlcə qulluqçu başını bulayır, görünür, gələn adamın təklifi ilə razılaşmırdı. Sonra saqqallı kişi qulluqçuya nəsə uzatdı. Ani tərəddüddən sonra qulluqçu saqqallının əlindəkini götürdü, onlar içəri girdilər və qonaq otağına qalxdılar.

Saat beşdə isə Tarzan ön qapıdan qrafın evinə daxil oldu. Qulluqçu onu qonaq otağına ötürdü. Az sonra Tarzan kandardan Olqanın səsini eşitdi:

– Nə yaxşı ki, gəldiniz!

– Qrafinya, məni sizin görüşünüzə heç nə yubada bilməzdi!

Dünənki tamaşa haqqında qısa söhbətdən sonra Olqa mətləbə keçdi:

– Yəqin, Rokoffun bizi hədəfə alması sizi təəccübləndirir. Hər şey çox sadədir. Mənim ərim qraf de Kud müdafiə nazirliyində məsul vəzifədə işləyir. Onun əlindən başqa ölkələrin kəşfiyyatını maraqlandıran məxfi sənədlər keçir. Bu dövlət sirlərinə yol tapmaq üçün xəfiyyələr hər şeyə, hətta qətl törətməyə də hazırdırlar. Hazırda qrafda Rusiyaya aid son dərəcə qiymətli material var. Onu ələ keçirib Rusiya dövlətinə sata bilənin ömrü boyu pula ehtiyacı olmaz. Rokoff və Paulviç buna görə qrafı təqib edirlər. Gəmidə özünüz şahidi oldunuz. Əvvəl qrafı kart oyunu zamanı şantaj etməyə çalışdılar. İstədikləri alınsaydı, ya onu qəzetlərdə rüsvay edəcək, ya da əməkdaşlığa razı salacaqdılar. Siz mane oldunuz. Sonra məni ərimə təsir göstərməyə məcbur etmək istədilər. Kayutuma bunun üçün gəlmişdilər. Burada Paulviç soyadı ilə tanınan Pavlovun məni öldürmək fikri yox idi. Amma mən onun haqqında dəhşətli fakt bilirəm, üstü açılsa, yeri sürgündür. Pavlovdan yaxa qurtarmaq üçün kayutda bunu onun qulağına pıçıldadım. Pavlovsa, əksinə, qəzəbləndi. Siz özünüzü yetirməsəydiniz, məni boğub öldürmüşdü.








– Vəhşi!

– Onlar vəhşi yox, əsl şeytandırlar, dostum. Qorxuram ki, sizi aradan götürməyə cəhd etsinlər, çünki həmişə yollarını kəsirsiniz. Mənə söz verin ki, ehtiyatlı olacaqsınız, çünki bizə görə ziyan çəksəniz, bunu heç vaxt özümə bağışlamaram.

– Mən onlardan qorxmuram, Rokoffdan və Paulviçdən də qat-qat təhlükəli düşmənlər görmüşəm, – Tarzan qrafinyanı sakitləşdirdi. – Amma mənə bir şeyi deyin: axı niyə siz ən azı öz təhlükəsizliyiniz naminə bu xəfiyyələri hökumətə təhvil vermirsiniz?

Olqa cavab verməzdən əvvəl xeyli tərəddüd keçirdi. Nəhayət, qərara gəlib dilləndi:

– Bunun iki səbəbi var. Birincisi qrafa aiddir. İkincisi, əsl səbəb, mənlikdir. Bu sirri heç vaxt, heç kəsə danışmamışam. Onu məndən və Rokoffdan savayı heç kim bilmir. Amma qəribədir…

– Nə qəribədir?

– Qəribədir, ərimə demədiyim sirri sizə açmaq istəyirəm. Ümid edirəm ki, məni başa düşəcək, məsləhət verəcəksiniz. İttiham etməyəcəksiniz.

– Məndən ittihamçı çıxmaz, qrafinya.

– Yaxşı, onda qoy ərimə aid olan səbəbdən başlayım. Sonra isə, cəsarətim çatsa, öz sirrimə keçərəm. Deməli, birinci səbəb: Nikolay Rokov, onun əsl adı belədir – mənim qardaşımdır. Biz rusuq. Nikolay həmişə əyri yolun adamı olub. Orduda kapitan idi, oradan qalmaqalla qovdular. Atam onu birtəhər daxili işlər nazirliyinə işə düzəltdi. Nazirlikdə də çox duruş gətirə bilmədi. Nikolaya qarşı ağır ittihamlar irəli sürdülər, işdən çıxardılar, amma həbs etmədilər. Zindandan yaxa qurtarmaq üçün dostlarını satdı.

– Məgər bu əməllərdən, ərinizin şərəfinə ləkə gətirmək, bacısına qəsd etmək istəyəndən sonra o sizin üçün yad adama çevrilməyib, qardaşınız olmaq hüququnu itirməyib?

– Bax burada ikinci səbəb ortaya çıxır. Düz deyirsiniz, etibarımı bir qardaş kimi çoxdan itirib. Amma mənim haqqımda elə şeylər bilir ki, daim ondan qorxmağa məcburam. Dedim ki, ərimin bu sirdən xəbəri yoxdur. Sizə isə danışacağam, onsuz da əvvəl-axır kiminləsə bölüşməliyəm. Yeniyetmə çağında monastırda təhsil almışam. Orada bir kişi ilə tanış olmuşdum. Ağlımı başımdan çıxardı, günün günortavaxtı ona qoşulub qaçdım. Birbaş vağzala getdik. Cəmi üç saatdan sonra qatardan düşəndə onu jandarmlar həbs etdilər, demə, fərari imiş, çox cinayətlər törədibmiş, axtarırlarmış. Məni də saxladılar, əhvalatı biləndə monastıra qaytardılar. Monastırın rəhbərliyi işi ört-basdır etdi, ailəmizdə Nikolaydan başqa heç kim bundan xəbər tutmadı. İndi qardaşım məni şantaj edir, deyir, sözümdən çıxsan, hamısını ərinə danışacağam.

Tarzan güldü:

– Siz hələ də uşaqsınız! Uşaq olmasaydınız, başa düşərdiniz ki, mənasız bir məsələyə görə rüsvayçılıqdan nahaq qorxursunuz! Gedin, mənə söylədiklərinizi günü bu gün ərinizə danışın. Əminəm ki, o da mənim kimi sizə güləcək, bu əhvalatı yadınızdan çıxarmağı xahiş edəcək və polisin köməyi ilə dələduz qardaşınızdan birdəfəlik canınızı qurtaracaq.

– Qorxuram. Mən həmişə kişilərdən qorxmuşam: atamdan, Nikolaydan, ərimdən…

– Çox nahaq. Əlbəttə, mən cəngəllikdə hökm sürən qaydalara daha yaxşı bələdəm, amma inanıram ki, insanlar arasında da kişilər qadınları qorxutmamalı, əksinə, qorumalıdırlar. Şəxsən məndən bir qadın qorxsa, çox məyus olaram. Məndən də qorxursunuz?

– Sizdən yox. Baxmayaraq ki yeni tanış olmuşuq, sizdən qorxmuram. Siz mənim xilaskarımsınız. Nikolayla Pavlova kayutda necə dərs verdiyiniz yadımdan çıxmır.

Tarzan sabah yenə gələcəyinə söz verib qrafinya ilə sağollaşdı.

Olqa qonağını ötürüb geri dönəndə qarşısında Nikolayı gördü.

– İçəri necə girmisiniz?

– Çoxdan buradayam, – Nikolay bacısına göz vurdu. – Siz yad kişini otağınıza salanda mən artıq pərdənin arxasında idim.

– Ağzınızı yumun! Utanmırsınız, bacınıza belə sözlər deyirsiniz? Sabahdan bütün təqiblərinizə son qoyulacaq. Raul gələndə hər şeyi ona danışacağam. Əminəm ki, başa düşəcək. Sonra isə özünüzü qoruyun!

– Siz ərinizə heç nə danışmayacaqsınız. Əks təqdirdə qrafa xəbər çatdıracağam ki, o, evdə olmayanda gizlicə otağınızda başqa kişi ilə görüşürsünüz. Mənə işləyən qulluqçularınızdan biri and içərək ərinizə xəyanət etdiyinizi təsdiqləyəcək. Ayıbdır, Olqa! – Rokoff şaqqanaq çəkdi.

Axşam qrafinya ərinə heç nə demədi. İndi o daha çətin vəziyyətə düşmüş, qorxuları artmışdı.




V fəsil

Uğursuz cəhd







Həmin gündən Tarzan tez-tez qrafın evində olur, ən hörmətli qonaq kimi qəbul edilirdi. Qrafinya istər təklikdə, istər dostları üçün qurduğu çay məclislərində Tarzanla uzun-uzadı söhbət etməyi xoşlayırdı.

Olqa ərindən xeyli cavan idi. İyirmiyaşlı gənc, gülərüz qız qırxyaşlı zəhmli kişiyə hər sözünü, hər çətinliyini deyə bilmirdi, çəkinirdi. Buna görə də Olqa güclü cinsə mənsub həmyaşıdları arasından özünə dost tapmağa can atırdı. Mərd, təmizürəkli Tarzan bu rola yarayırdı. Qrafinya ona tam etibar edirdi.

Rokoff kənardan Tarzanı izləyirdi. Düşməni ilə bacısının dostluğunun möhkəmlənməsi bu dələduzun da planlarına uyğun gəlirdi. Olqa Nikolasın kim olduğunu Tarzana danışandan sonra Rokoff ondan daha çox ehtiyat edirdi. Tarzan Rokoffu sata bilərdi, onu birdəfəlik sıradan çıxarmaq lazım idi. Rus xəfiyyəsi bunun üsulunu tapmışdı, məqamının yetişməyini gözləyirdi.

Qraf, adətən, işdən gec qayıtdığı üçün Tarzan onunla az-az görüşürdü. Amma qrafinyanın dostları xoşuna gəlirdi. Hərdən Tarzan d`Arnonu da özü ilə buraya gətirirdi.

Rokoff tələsmirdi. Ona qraf işdə, ya rəsmi tədbirdə olan gecələrin birində Tarzanla Olqanın təklikdə qaldıqları anı tutmaq lazım idi. O zaman dərhal qrafı evə çağırtdırmaq, arvadının Tarzanla ona xəyanət etdiyini demək və yalançı şahid göstərmək olardı. Beləliklə, bir güllə ilə iki dovşan vurmaq mümkün idi: həm Tarzan sıradan çıxarılırdı, həm də de Kudu şantaj etmək üçün ələ gözəl imkan düşürdü: qraf bütün Fransada rüsvay olmamaq naminə bu məsələnin ört-basdır edilməsi müqabilində çox şeyə razı ola bilərdi.

Amma Rokoff gözləntilərində yanılırdı. Tarzanla Olqa cəmiyyətdə qəbul olunmuş ədəb qaydalarından kənara çıxan heç bir hərəkətə yol vermirdilər. Hətta teatrdan Olqanı evə ötürəndə də Tarzan artıq gec olduğu üçün kandardan içəri keçmirdi.

Nəhayət, Rokoff gözləməkdən yoruldu, Tarzanı tələyə salmaq üçün Paulviçlə birgə plan fikirləşdi.

Bir gün Rokoff qəzetdə oxudu ki, axşam alman səfirliyində rəsmi ziyafət olacaq. Ziyafətə ancaq kişilər çağırılmışdı, dəvətlilər sırasında qraf de Kudun da adı vardı. Rokoff bilirdi ki, belə tədbirlər gecəyarısına qədər davam edir.

Həmin axşam Paulviç alman səfirliyinin binası qarşısında keşik çəkirdi. Qrafın binaya girdiyini öz gözləri ilə görəndən sonra o, Rokoffla vədələşdikləri yerə gəldi. Gecə saat 11 olanda Paulviç cib dəsmalını ağzına tutdu, telefonun dəstəyini götürüb d`Arnonun evinin nömrəsini yığdı:

– Leytenant d`Arnonun mənzilidir? Müsyö Tarzana vacib sözüm var… Müsyö Tarzan? Mən qrafinya de Kudun qulluqçusu Fransuayam. Qrafinya xahiş edir ki, dərhal onun yanına gələsiniz… Yox, qrafinya nə baş verdiyini Fransuaya demədi… Çox sağ olun, müsyö, tezliklə gələcəyinizi qrafinyaya xəbər verə bilərəmmi? Təşəkkür edirəm. Tanrı sizə yar olsun.

Paulviç dəstəyi yerə qoyan kimi Rokoff ona bir zərf verdi:

– Qraf alman səfirliyindən evinə yarım saata çatar. Sizin də buradan səfirliyə on beş dəqiqəlik yolunuz var. Hər şey dəqiqlikdən asılıdır. Tələsin!

Paulviç vaxt itirmədən səfirliyə yollandı. Zərfi qapıda xidmətçiyə verdi və onun ovcuna pul basdı:

– Çox təcilidir, dərhal qraf de Kuda çatdırın. Şəxsən!

Bir neçə dəqiqədən sonra məktub qraf de Kudun əlində idi. O, zərfi açıb kağızı oxudu:

“Qraf, təmiz adınız və şərəfiniz təhlükədədir! Sizə yaxşı tanış olan bir adam neçə vaxtdır ki, arvadınızın yanına gedib-gəlir. Bu dəqiqələrdə də onunladır. Əgər qrafinyanın yataq otağına getsəniz, onları bir yerdə tutarsınız.

Dostunuz”.

Rokoff hər şeyi dəqiq hesablamışdı. Paulviç gedəndən sonra 20 dəqiqə gözlədi və de Kudun evinə zəng etdi. Dəstəyi qaldıran qulluqçudan Olqanı çağırmağı xahiş etdi.

– Axı xanım artıq yataqdadır…

– Məsələ çox təcilidir, mütləq özü ilə danışmalıyam. Deyin, çiyninə bir şey atıb telefona yaxınlaşsın. Mən beş dəqiqəyə təkrar zəng edəcəyəm.

Rokoff dəstəyi asdı. Bir azdan Paulviç də qayıtdı.

– Məktubu verdiniz?

– Hə, qraf artıq evinə gedir.

– Yaxşı! Olqa yarıçılpaq vəziyyətdə telefonun yanında gözləyir. Bu dəqiqələrdə Tarzan da özünü çatdıracaq və birbaşa qrafinyanın otağına qalxacaq, çünki əmindir ki, Olqa özü onu çağırtdırıb. Məsələni araşdırana, ortada yanlışlıq olduğunu üzə çıxarana qədər vaxt keçəcək. Ona kimi qraf da özünü yetirər. Məncə, biz hər şeyi əla fikirləşmişik, dostum! Unutmayın ki, qraf Parisin ən mahir qılıncoynadanlarından biri, usta atıcıdır.

Tarzanı de Kudun evinin kandarında Rokoffun pulla ələ aldığı qulluqçu Jak qarşıladı. O, qonağı qrafinyanın otağına salıb qapını örtdü.

Yarıqaranlıq otaqda Olqa alt paltarında, çiyninə şal salıb telefonun yanında oturmuşdu, barmaqları ilə səbirsizliklə masanı döyəcləyirdi, Tarzanın içəri girdiyini görmədi.

– Nə olub, Olqa?

Qrafinya diksindi.

– Tarzan? Siz burada nə edirsiniz? Bu nə deməkdir?

– Məni siz çağırtdırmamısınız, Olqa?

– Mən? Gecə vaxtı? Nə danışırsınız?

– Sizin qulluqçunuz Fransua mənə zəng etdi, dedi ki, təcili gəlməyimi istəyirsiniz.

– Fransua? Bizdə bu adda qulluqçu yoxdur. Yəqin, sizinlə zarafat ediblər, Jan.

– Elədirsə, bu, zarafatdan çox, tələyə oxşayır.

– Başa düşmədim…

Tarzan Olqanın sözünü kəsdi:

– Qraf haradadır?

– Alman səfirliyində.

– Şübhəm yoxdur ki, bu sizin fırıldaqçı qardaşınızın qurğusudur. Sabah qraf biləcək ki, gecə yanınızda olmuşam. Qulluqçuları sorğu-suala tutacaq. Yəqin, şahidlik edən də tapılacaq.

– Alçaq! – Olqa qışqırıb ayağa qalxdı. Qorxudan gözləri böyümüşdü. Qrafinya Tarzana yaxınlaşdı və yalvarıcı nəzərlərlə artıq bir dəfə onu çətin vəziyyətdən qurtarmış dostuna baxdı.

– Nə edək, Jan? Sabah bütün Paris bu rüsvayçılığı qəzetlərdən oxuyacaq. Əminəm ki, Nikolay bundan da çəkinməyəcək.

Olqa əsirdi, Tarzan onun titrəyən çiyinlərindən tutub qadını sakitləşdirmək istədi.

Qapı açıldı. Olqa ağır çəliyini qəzəblə qaldıran qrafı birinci gördü və ilan vurmuş kimi kənara sıçradı. Tarzan mexaniki olaraq geri döndü, başına enən çəliyi göydə tutdu, dartıb qrafın əlindən aldı və ikiyə böldü. Meşə adamının vəhşi instinktləri bircə anın içində oyandı. O nərildəyib de Kudun boğazından yapışdı, havada onu budaq kimi silkələdi və yerə çırpdı.

Qraf tərpənmirdi. Tarzan ayağını rəqibinin sinəsinə qoyub qıyya çəkdi. Evin sütunları titrədi.

Qadın ərinin üstünə atıldı, onun qarşısında diz çöküb ağlaya-ağlaya dua etməyə başladı.

Bu səhnə Tarzanı ayıltdı. Yavaş-yavaş gözlərini örtmüş qan çəkildi. Olqa başını qaldırıb dəhşətlə Tarzana baxdı. Amma onun gözlərində qəzəb yox, kədər və peşmançılıq hissi oxudu.

– Siz nə etdiniz, Jan? Baxın, görün nə etdiniz. O mənim ərim idi. Mən onu sevirdim… Siz də sevirdiniz…

Tarzan qrafı qucağına götürüb divana uzatdı, ürəyinin döyüntüsünə qulaq asdı.

– Şükür ki, ölməyib, sağ qalacaq.

– Axı siz niyə belə etdiniz, Jan?

– Bilmirəm. Onun mənə hücum etdiyini görəndə ağlım başımdan çıxdı. Sizə deməmişəm, Olqa, mən həyatımın böyük hissəsini cəngəllikdə, heyvanların arasında keçirmişəm. Atamı tanımamışam, anam nəhəng meymun olub. Cəmi iki il əvvəl keçilməz Afrika meşələrində ağacların başında gəzirdim. Məni çox qınamayın. İki ilə öz təbiətimi tamamilə dəyişə bilməmişəm…

– Mən sizi qınamıram, Jan. Özüm günahkaram. İndi isə gedin. Raul özünə gələndə sizi burada görməsə yaxşıdır. Əlvida.

Tarzan de Kudun evindən çıxanda olduqca qəmli, fikirləri qarışıq idi. Ancaq təmiz hava üzünə vurduqca beynindəki duman çəkilirdi. İyirmi dəqiqədən sonra o, Mol küçəsində polis məntəqəsinin qarşısında dayandı. Məntəqəyə girib bir neçə həftə əvvəl dalaşdığı, sonra dostlaşdığı polislərdən birini tapdı. Rokoffla Paulviçin ünvanını tapmaqda ondan kömək istədi.

– Bu adlar bizə yaxşı məlumdur, polisdə qeydiyyatdadırlar. Düzdür, hazırda üstlərində heç bir cinayət yoxdur, amma onları gözdən qoymamağa çalışırıq. Niyə soruşursunuz ki?

– Bir işlə bağlı görüşmək istəyirəm. Ünvanlarını mənə desəniz, minnətdar olaram.

Tarzan dələduzların ünvanını alıb polislə sağollaşdı və taksi dayanacağına tələsdi.

Rokoffla Paulviç evdə jurnalistləri gözləyirdilər. Onlar artıq iki redaksiyaya zəng edib sensasiyalı xəbər vermək istədiklərini demişdilər və indi qrafla bağlı məlumatın səhər şəhərdə qaldıracağı hay-küyü müzakirə edirdilər.

Pilləkəndə ayaq səsləri eşidildi. Sonra qapı döyüldü.

– Bu qəzetçilər ayaqdan çox itidirlər, – deyə Rokoff güldü. – Gəlin, açıqdır.

Qapının kandarında jurnalistlərin əvəzinə Tarzanı görəndə Rokoffun üzündə gülüş ifadəsi donub-qaldı. O, qeyri-ixtiyari ayağa qalxdı.

– Lənət şeytana! Sizə burada nə lazımdır?

– Özünüz yaxşı bilirsiniz, – deyə Tarzan sakit cavab verdi. – Əslində, mən sizi öldürməliyəm, amma qrafinyanın qardaşı olduğunuzu nəzərə alıb hələlik bunu etmirəm. Amma salamat qalmağınızı və mənim buradan çıxıb getməyimi istəyirsinizsə, iki şərtimə əməl etməlisiniz. Birincisi, bu tələni qəsdən qurduğunuzu öz əlinizlə yazıb imzanızla təsdiq etməlisiniz. İkincisi, söz verməlisiniz ki, baş vermiş əhvalat barədə məlumat qəzetlərə düşməyəcək. Tələsin, kağız-qələm götürün!

Rokoff Tarzanın hədələrindən qorxmadığını nümayiş etdirmək üçün istehza ilə gülümsündü. Dərhal dəmir əl onun boğazından yapışdı və göyə qaldırdı. Paulviç qarışıqlıqdan istifadə edib otaqdan qaçmaq istədi. Tarzan ikinci əli ilə onun peysərindən yapışdı və otağın küncünə vızıldatdı.

Rokoffun sifəti göyərmişdi, nəfəs ala bilmirdi. Meşə adamı onu masanın arxasında oturtdu və boğazını buraxdı.

– Yazın, ikinci dəfə sizə mərhəmət göstərəcəyimə ümid etməyin.

Rokoff öskürə-öskürə qələmi götürdü və yazmağa başladı.

– Bax belə! Heç bir detalı, heç bir adı yaddan çıxarmayın.

Bir azdan qapı yenə döyüldü. İçəri girən gənc yerində dingildəyə-dingildəyə özünü təqdim etdi:

– “Matin” qəzetinin müxbiri. Müsyö Rokoffda bizə çatdırılası xəbər var.

– Səhv olub, – Nikolasın yerinə Tarzan cavab verdi. – Sizin müxbirə deyiləsi sözünüz varmı, əziz Nokalas?

– Yox, – deyə Rokoff başını kağızdan qaldırdı. – Bugünlük yoxdur.

– Nə bugünlük, nə də sabahlıq. – Tarzan müxbirə nəzakətlə təzim etdi. – Sizi narahat etdiyimizə görə bizi bağışlayın. Gecəniz xeyrə qalsın.

Meşə adamı dingildəyən gənci yola salıb qapını bağladı.

Bir saatdan sonra Tarzan cibində bir neçə vərəqlik izahat qapını açdı, çıxanda kandarda ayaq saxladı:

– Yerinizdə olsaydım, Fransadan gedərdim. Yoxsa nə vaxtsa əlimdə öləcəksiniz.




VI fəsil

Duel







Tarzan evə qayıdanda d`Arno yatırdı. Səhər o heç nəyi gizlətmədən dünənki əhvalatı leytenanta danışdı.

– Mən axmağam! Qrafı da, qrafinyanı da özümə yaxın dost bilirdim. Axırda nə etdim? De Kudu az qala öldürmüşdüm, arvadının adını ləkələdim. Bəlkə, hələ ailələrini də dağıtmışam. Yox, Paris mənim üçün deyil. Addımbaşı tələyə düşürəm. İnsanların qoyduqları qadağalara öyrəşə bilmirəm. Burada özümü əsirlikdəki kimi hiss edirəm. Daha dözmək olmur. Məncə, doğma cəngəlliyimə qayıtsam yaxşıdır. Görünür, Tanrı məni başqa həyat üçün yaradıb.

– Ürəyinizə salmayın, dostum. Parisdən çıxıb getməyinizə gəlincə isə, düşünürəm ki, Raul de Kudun buna ciddi etirazı olacaq və tezliklə özünüz görəcəksiniz.

D`Arno yanılmırdı. Bir həftədən sonra onlar səhər yeməyi yeyəndə qulluqçu müsyö Flober adlı bir nəfərin gəldiyini və leytenantla görüşmək istədiyini dedi. Flober qrafdan məktub gətirmişdi. De Kud Tarzanı duelə çağırır və tələb edirdi ki, onun dostlarından biri Floberlə görüşüb döyüşün bütün detallarını razılaşdırsın.

Flober otaqdan çıxan kimi d`Arno Tarzana baxıb kədərlə gülümsədi:

– Gördünüz. Sizi xəbərdar etmişdim.

– İndi mən törətdiyim günahlara birini də əlavə etməliyəm: ya adam öldürməliyəm, ya da özüm öldürülməliyəm. Deyəsən, sizin cəmiyyətin adətlərinə alışmağa başlayıram.

– Hansı silahı seçəcəksiniz? – d`Arno soruşdu. – Qraf əla qılınc oynadır və çox sərrast atəş açır.

– Məndən olsa, ox-yayı, ya nizəni seçərdim… Yaxşı, qoy tapança olsun.

– De Kud sizi öldürəcək, Jan!

– Şübhəsiz. Amma nə vaxtsa mən də ölməliyəm.

– Bəlkə, qılıncı seçək. Bu halda sağ qalmaq ehtimalınız daha böyükdür.

– Tapança!

D`Arno çarəsiz qalıb Floberlə görüşə getdi. O qayıdanadək bir neçə saat keçdi.

– Qərar qəbul olundu. Sabah. Sübh tezdən. Etamp yolunun üstündə.

– Yaxşı.

Axşamadək Tarzan bir də bu mövzuya toxunmadı. Qaş qaralanda otağına çəkilib bir neçə məktub yazdı. Məktubların hamısını bir zərfə qoydu, ağzını bağlayıb üstündə d`Arnonun adını yazdı. Sonra mahnı oxuya-oxuya soyundu, yerinə girən kimi şirin yuxuya getdi.

Leytenant qonşu otaqda Tarzanın mahnısına qulaq asa-asa əsəbindən söyüş söyürdü. Sabah dostunu öldürəcəklər, o isə heç nəyi dəyişə bilmir. Amma dostunun özünün vecinə deyil, nəğmə oxuyur!

Zabit həyəcandan bütün gecəni gözlərini yummadı. Səhər açılar-açılmaz Tarzanı oyatdı. Tarzan yatağından güclə qalxdı. D`Arnonun qaşqabağının yerlə getdiyini görüb zarafat etdi:

– Bu vaxt da adam adamı öldürər? Heç mədəni insanlara yaraşmır.

– Sizsə körpə uşaq kimi şirin yuxudan ayıla bilmirsiniz.

– Bunu da mənə irad tutursunuz?

– Yox, Jan. Amma sizin laqeydliyiniz məni özümdən çıxarır. Sanki sərçələrə güllə atmağa gedirsiniz, alnınızı Fransanın ən sərrast atıcısının gülləsinin qabağına verməyə yox.

Tarzan çiyinlərini çəkdi.

– Mən böyük günahımı yumağa gedirəm. Məqsədimə nail olub-olmayacağım isə məhz rəqibimin ustalığından asılıdır.

– Nədir, ölüm axtarırsınız?

– Axtarmağına axtarmıram, amma ondan qaçmağa da hazırlaşmıram.

Onlar d`Arnonun avtomobilinə oturub əvvəlcədən vədələşdikləri yerə – şəhərkənarı düzənliyə gəldilər. Yolda hərə öz düşüncələrinə qapılmışdı. Leytenant çox sevdiyi insanı, ən yaxın dostunu maşınına mindirib məhvə doğru apardığına görə əzab çəkirdi. O, Tarzanı kişilik, mərdlik idealı hesab edirdi və onu itirəcəyini fikirləşəndə dəhşətə gəlirdi.

Tarzanın isə xəyalı uzaqlarda, Afrika cəngəlliklərində idi. Saatlarla atasının daxmasında vərəqlədiyi şəkilli kitabları xatırlayanda dodağı qaçdı; illərlə sirrini öyrənməyə çalışdığı balaca “cücülər” – hərflər yadına düşəndə gözləri güldü; meymunların amfiteatrında Ceyn Porterlə keçirdiyi gün gözlərinin önünə gələndə isə sifəti işıqlandı.

Avtomobil dayandı. Onlar duel yerinə çatmışdılar. Tarzan reallığa qayıtdı, bilirdi ki, ömrünə az qalıb, amma qorxu hissi yox idi. Cəngəllikdə böyüyənlər üçün ölüm çox adi şeydir. Təbiət onları həyatdan ikiəlli yapışmağa, amma ölümdən də çəkinməməyə öyrədir.

Bir azdan ikinci maşın gəldi. Qraf və Floberlə yanaşı, oradan üçüncü bir şəxs, həkim də düşdü.

D`Arno ilə Flober bir müddət pıçıldaşdılar, sonra Raulla Tarzanı yanlarına çağırdılar, tapançaları yoxladılar, duelin şərtlərini onlara izah etdilər: iştirakçılar arxa-arxaya dayanıb silahlarını aşağı salmalı və təmas xəttindən hərəyə on addım aralanmalıdırlar. D`Arnonun işarəsi ilə onlar dönüb tapançalarını qaldırmalı və atəş açmalıdırlar. Hər tapançada üç güllə olacaq, duel ən azı bir nəfər yerə yıxılanadək davam edəcək.

– Hazırsınız? – Flober soruşdu.

– Tamamilə, – deyə qraf soyuqqanlıqla cavab verdi.

Tarzan başını tərpətdi.

Bir addım… İki addım… Yeddi… Səkkiz… D`Arnonun gözlərindən yaş gəlirdi… Doqquz… On… Leytenantın işarə verməkdən savayı əlacı qalmırdı…

De Kud dərhal çönüb atəş açdı. Tarzan diksindi, amma tapançasını qaldırmadı. De Kud onun nə vaxt yıxılacağını gözləyirdi. O əmin idi ki, gülləsi yan keçməyib. Tarzan isə nə yerindən tərpənir, nə tapançasını qaldırırdı. Qraf bir də atəş açdı. Tarzan heç gözünü də qırpmadı. De Kud özünü itirdi. Ola bilməzdi ki, onun iki gülləsi dalbadal boşa çıxaydı! “Yəqin, üçüncüsünü də atmağımı gözləyir, sonra sakitcə işimi bitirmək istəyir. Hiyləgər adamdır! Bədənində iki güllə, bu necə dözür? Əsl şeytandır”, – deyə qraf fikirləşdi.

De Kud üçüncü dəfə diqqətlə Tarzanı nişan aldı. Amma əsəbləri dözmədi, əli əsdi, son gülləsi hədəfdən yan keçdi.

Tarzan hələ də tapançasını qaldırmamışdı. Məyus-məyus qrafın sifətinə baxırdı, onun gözlərində dəhşət ifadəsi görürdü.

– Tanrı xatirinə! – de Kud qışqırdı. – Atın!

Tarzan yavaş-yavaş qrafa tərəf yeridi. Bu, duel qaydalarını pozmaq demək idi. D`Arno ilə Flober onun qarşısını kəsmək istədilər.

– Qorxmayın, atəş açmayacağam.

Tarzan Kudla üz-üzə dayandı.

– Bəlkə, silahınızda nasazlıq var, müsyö, – qraf özünü güclə ələ aldı. – Mənimkini götürün, davam edək.

Əvəzində Tarzan öz tapançasını de Kuda uzatdı.

– Deyəsən, ağlınız çaşıb…

– Yox, dostum. Mən cəzaya layiqəm. Götürün.

– O zaman bu, duel yox, qətl olar.

– Qrafinya ilə mənim aramda heç nə baş verməyib. Amma belə çıxır ki, mən onun adına ləkə gətirmişəm. Günahımı yuya biləcəyimə ümid edirdim. Təəssüf ki, siz deyilən qədər də sərrast atıcı deyilmişsiniz, qraf.

– Günahkar olduğunuzu boynunuza alırsınız?

– Tamamilə, müsyö. Arvadınız sədaqətli qadındır, sizi sevir. Bilmək istəyirsinizsə, mən sizin evinizə nə öz xoşumla, nə də qrafinyanın dəvəti ilə gəlmişdim. Buyurun, bu da sübutu.

Tarzan Rokoffun izahatını cibindən çıxarıb de Kuda verdi.

Qraf kağızı oxuyub başa çatana qədər kimsədən səs çıxmadı.

De Kud da bütün fransızlar kimi çılğın idi. O, Tarzanı qucaqlayıb öpdü.

– Siz, həqiqətən, çox cəsur və alicənab insansınız!

Floberlə d'Arno da qucaqlaşdılar. Tək qalmış həkim qrafa yaxınlaşdı və Tarzanın yaralarını sarımağa icazə istədi.

Güllələrdən biri Tarzanın sol çiynindən, digəri sol böyründən dəymişdi. Amma yaralar ölümcül deyildi. Həkim qanaxmanın qarşısını vaxtında aldı.

Şəhərkənarı düzənliyə ölüm savaşına çıxmaq üçün gəlmiş iki nəfər buradan dost kimi ayrıldı. Xüsusilə de Kudun kefi kök idi: arvadının ona xəyanət etmədiyi sübuta yetirilmişdi.

Həkimin təkidi ilə Tarzan bir neçə gün yataqda qaldı. Meymun-adam razılaşmaq istəmirdi:

– Gülünc iynə deşiyinə görə məni yerimdən qalxmağa qoymursunuz. Bir vaxtlar Bolqani bədənimi tikə-parça edəndə heç başımın altında belə yumşaq balış yox idi. Kala milçəklərimi kol budağı ilə qovurdu, içməli suyu ağzında gətirirdi. Həkim görsəydi, dəli olardı.

Həmin günlər de Kud tez-tez Tarzana baş çəkirdi. Onun sağalandan sonra işə düzəlmək istədiyini biləndə qraf kömək edəcəyinə söz verdi. Gənc dostu yataqdan qalxan kimi onu yanına çağırdı.

– Sizə çox maraqlı və məsuliyyətli bir iş tapmışam. Bu işdə sizə tək ağlınız deyil, cəsarətiniz və fiziki qüvvəniz də lazım olacaq. Səfərlərə çıxacaqsınız, bilirəm ki, gəzməyi xoşlayırsınız. Hələlik kiçik vəzifədən başlayaq, ardına baxarıq.

Qraf Tarzanı çalışdığı nazirliyin idarə rəisi general Roşerin yanına apardı. Yarım saatdan sonra Tarzan generalın otağından Fransanın hərbi nazirliyinin əməkdaşı kimi çıxdı. İlk tapşırığını da almışdı. Günü sabah Parisi tərk etməliydi: qarşıda onu çox maraqlı səfər gözləyirdi.

Təbii ki, Tarzan sevincini birinci növbədə ən yaxın dostu ilə bölüşdü. Amma d'Arno onun sevincinə şərik çıxmadı.

– Bunun nəyi şad xəbərdir? Parisdən gedirsiniz və biz aylarla görüşməyəcəyik. Mənə elə gəlir ki, siz mənə qarşı, ən azı, hörmətsizlik edirsiniz.

– Yox, Pol. Sadəcə, mən uşaq kimiyəm. Özümə təzə oyuncaq tapmışam və bundan çox məmnunam.

Ertəsi gün Tarzan Parisdən Marselə yola düşdü. Oradan gəmi ilə Afrikaya gedəcəkdi.




VII fəsil

Sidi-Aissa rəqqasəsi







İlk tapşırıq Tarzanı çox da maraqlandırmadı. Jernua adlı bir leytenant əvvəl qərargahda işləmiş, sonra Əlcəzairə, Sidi-bəl-Abbas şəhərinə təyinat almışdı. Qərargahda olanda əlindən çox mühüm məxfi sənədlər keçirmiş. Fransızlar leytenantın bu sənədlərin üzünü çıxarıb Avropa ölkələrindən birinin kəşfiyyatına ötürdüyündən şübhələnmişdilər.

Xəyanət – ağır cinayətdir. Tam əminlik olmadan zabitə qarşı belə ittiham irəli sürmək olmaz. Ona görə də Tarzan amerikalı ov həvəskarı adı ilə Əlcəzairə getməli, orada Jernuanı gözdən qoymamalı idi.

Afrikaya qayıtmağı Tarzanı sevindirirdi, düzdür, qitənin şimal sahilləri onun doğulub-böyüdüyü cəngəllikllərə az oxşayırdı, amma, hər halda, burnuna vətənin iyi dəyirdi.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289787) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



XX əsrdə fantastika janrının inkişafına böyük təsir göstərmiş məşhur Amerika yazıçısı Edqar Rays Berrouzun yaradıcılığının zirvəsi Tarzan haqqında silsilə hesab olunur. Bu kitab da həmin silsiləyə daxildir.

Как скачать книгу - "Tarzan cəngəlliyə qayıdır 2" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Tarzan cəngəlliyə qayıdır 2" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Tarzan cəngəlliyə qayıdır 2", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Tarzan cəngəlliyə qayıdır 2»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Tarzan cəngəlliyə qayıdır 2" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги серии

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *