Книга - Hacı Murad

a
A

Hacı Murad
Lev Tolstoy


Dünya ədəbiyyatından seçmələr
Bu əsərdə imam Şamilin başçılığı ilə Rusiya imperiyasına qarşı vuruşan üsyançılardan bəhs edilir. Əsərin əsas qəhrəmanı olan Hacı Murad işğalçılara qarşı mərdliklə mübarizə aparan avar sərkərdələrindən birinin portretidir.





Lev Tolstoy

Hacı Murad





Tatar adlanan ayıpəncəsi


Mən kövşənlərin arası ilə evə qayıdırdım. Yayın tən ortası idi. Ot çalınıb qurtarmışdı. Bugün-sabah çovdar biçini başlanacaqdı.

İlin bu fəslinin gözəl çiçəkləri olur. Bu əlvan çiçəklərdən böyük dəstə bağladım. Sonra evə sarı üz qoydum.

Bu vaxt yolun qırağında gözəl moruğu çiçəyi olan ayıpəncəsi gördüm. Bizdə qanqalın bu növünə “tatar” deyirlər. Ot biçini zamanı kəndlilər ona toxunmamağa çalışırlar. Kəsəndə də dəryazın burnunda götürüb qırağa atırlar ki, əl-ayağa batmasın. Ayıpəncəsini dərib topladığım çiçəklərin ortasına qoymaq istədim. Çökəyə enib əlimi ehtiyatla onun saplağına apardım. Sizə asan gəlməsin, ayıpəncəsinin tikanlı saplağı çox möhkəm olur. Mən onu çox çətinliklə üzəndə saplaq didik-didik olmuşdu. Çiçək də əvvəlki kimi təravətli, gözəl görünmürdü. Bundan peşman olub çiçəyi yerə atdım. Sonra öz-özümə fikirləşdim: “Bundakı yaşamaq həvəsinə bax! Necə də inadla qorunurdu. Canını necə baha satdı!”

Mən şumlanmış tarlanın ortası ilə uzanan yolla gedirdim. Tarla çox böyük idi. Hara baxırdın, qaratorpaq görünürdü. Nə bir ot, nə bir göyərti vardı. Mən fikirləşdim: “İnsan özünü yaşatmaq üçün nə qədər canlını, nə qədər bitkini məhv eləyib!” İstər-istəməz ölü tarlada həyatdan bir nişanə axtardım. Yolun sağında gözümə bir kol dəydi. Yaxınlaşanda bunun da “tatar” olduğunu gördüm.

Ayıpəncəsinin üç zoğu vardı. Biri ortadan qoparıldığından qalan hissəsi kəsik biləyi xatırladırdı. O biri iki zoğun hərəsinin üstündə bircə çiçək vardı. Əvvəl qırmızı olan çiçəklər indi qaralmışdı. Zoğun biri sındığından yarısı ucundakı çirkli çiçəklə birgə sallana qalmışdı. O biri isə qaratorpağa batıb bulaşsa da, qamətini şax saxlaya bilmişdi. Görünür, kolun üstündən təkər keçmişdi. Təkərin altından çıxandan sonra dirçəlmişdisə də, bir az yana əyilmişdi. Ancaq hər halda, yerə sərili deyildi. Elə bil onu şil-küt eləmişdilər. Sanki gövdəsinin bir parasını qopardıb içalatını çölə tökmüşdülər. Qollarını vurub gözlərini çıxarmışdılar. Amma o hələ də sağ idi, onun kimi milyon-milyon bitkinin axırına çıxmış insana can verməmişdi.

“Gücə bax, – düşündüm. – İnsan hər şeyə qalib gəldi, saysız-hesabsız otu-canlını yer üzündən sildi. Bu isə hələ də təslim olmayıb”.

Birdən ötən zamanlarda Qafqazda baş vermiş bir əhvalat yadıma düşdü. Əhvalatın bir hissəsini gözümlə görmüşəm. Bir hissəsini başqalarından eşitmişəm. Bir hissəsini isə təsəvvür eləmişəm. Həmin əhvalat igid Hacı Murad haqqındadır.




Hacı Muradın kimliyi


Rusiya imperiyası Qafqaza ayaq açandan buranın xalqları uzun illər öz azadlıqlarını qorumaq uğrunda vuruşublar. Onların mübarizəsinə Şeyx Mənsur, Qazi Məhəmməd, İmam Həmzət, Şeyx Şamil kimi qəhrəmanlar başçılıq eləyib. Hacı Murad hərəkat başçısı olmasa da, həmin qəhrəmanlardan biri idi.

Hacı Murad Avarıstanın Selmes adlanan balaca bir aulunda anadan olmuşdu. Bu kənd Avarıstanın mərkəzi Xunzaxın yaxınlığında yerləşirdi. Xunzaxda xanın ailəsi yaşayırdı. Hacı Muradın ailəsi də xan ailəsinə yaxın idi. Anası xanın böyük oğlu Əbununsal xana döşündən süd vermişdi. Yəni xanın süd anası olmuşdu. Ona görə də Hacı Murad xanın oğlanları ilə yaxın idi.

Xanın üç oğlu vardı. Böyük oğlu Əbununsal xan, deyildiyi kimi, Hacı Muradın qardaşı Osmanın süd qardaşı idi. Ortancıl oğlu Ümmi xan Hacı Muradla siğə qardaş olmuşdu. Kiçik oğlu da Bulaç xan idi ki, onu Şamil qayadan atmışdı.

Hacı Murad sərbəst, igid bir oğlan idi. O, xanın sarayında yaşayırdı, xanın oğlanları ilə qardaş kimi idi. Hələ sözünə cavab qaytaran, qolunu qatlayan olmamışdı. Yaxşıca varlanmışdı, atları, tüfəngi, pulu vardı. Kefi istəyən kimi gəzib-dolanır, asudə ömür sürürdü.




Ümmi xanla Tiflisdə


Günlərin bir günü ruslara qarşı mübarizəyə başçılıq eləyən Qazi Məhəmməd öldürüldü. Onun yerinə Həmzət keçdi. Müridlər aulları bir-bir gəzməyə başladılar. Onlar ağac qılınclarını daşa döyə-döyə car çəkirdilər: “Müsəlman qardaşlar, qəzavatdır!”

Çeçenlər müridlərin tərəfinə keçdilər, ardınca avarlar da keçməyə başladılar. Axırda növbə Xunzaxa çatdı. Həmzət xanların yanına elçi göndərdi. Onları qəzavata qoşulmasalar, Xunzaxı darmadağın eləməklə hədələdi. Məsələ bu yerə çatanda fikirləşmək lazım gəldi. Xanlar rus çarından qorxurdular, ona görə də qəzavata qoşulmağa ürək eləmirdilər. Amma Həmzətin xəbərdarlığını da zarafat saymaq olmazdı.

Məsləhətləşəndən sonra xanın arvadı qərara aldı ki, oğlu Ümmi xanla Hacı Muradı Tiflisə göndərsin. Onlar Tiflisdə oturan rus canişinindən kömək istəməliydilər. O vaxtlar canişin baron Rozen idi. Amma o nə Ümmi xanı, nə də Hacı Muradı yaxına buraxdı. Tapşırdı onlara desinlər ki, kömək eləyəcək, amma heç bir yardım göstərmədi. Bundan sonra onun zabitləri Ümmi xanla Hacı Murad yaşayan evə gəlib-getməyə başladılar. Zabitlər Ümmi xanı içkiyə, qumara şirnikləndirirdilər. Ümmi xan sağlam, şir kimi güclü, cəsur bir oğlan idi. Ancaq xasiyyətcə çox zəif idi, su kimi hər tərəfə axırdı. Hacı Murad Xunzaxa qayıtmaq üçün onu dilə tutdu. Bilirdi ki, Tiflisdən çıxmasalar, xan atlarını, silahlarını da uduzacaq. Axır ki, Ümmi xanı yola gətirə bildi. Onlar qayıdıb xan ailəsini işdən agah elədilər.




Qəzavata qoşulurlar


Tiflis səfəri Hacı Murada möhkəm yer eləmişdi. Bundan əvvəl rusların himayəsinə keçməyə tərəfdar olsa da, artıq fikri dəyişmişdi. Canişinin onları saymaması, zabitlərin Ümmi xanı pis əməllərə öyrətməsi Hacı Murada toxunmuşdu. Ona görə də qayıdandan sonra xanın arvadını, oğlanlarını qəzavata qoşulmaq üçün dilə tutdu.

Hacı Muradın bu fikrə düşməyinə ruslara nifrəti ilə yanaşı, bir əhvalat da təkan verdi. Günlərin birində xanla birgə Selmes yaxınlığında üç müridlə toqquşdu. Müridlərdən ikisi qaçıb canını qurtardı, üçüncünü isə Hacı Murad tapança ilə vurdu. Sonra yaxınlaşıb onun tüfəngini götürmək istəyəndə gördü ki, mürid hələ sağdır. Son nəfəsdə gözlərini geniş açıb Hacı Murada baxa-baxa dilləndi: “Sən məni öldürdün. Nə olar, qanımı sənə halal eləyirəm. Ancaq müsəlmansan, cavansan, qolunda güc var, qəzavata qoşul. Allahın buyruğu belədir”.

Müridin bu sözləri Hacı Murada bərk əsər elədi. Həmin gündən fikirləşməyə başladı. Bu zaman Həmzət dəstəsi ilə Xunzaxa yaxınlaşırdı. Xan ailəsi onun yanına bir neçə ağsaqqal göndərdi ki, qəzavata razıdırlar, amma gərək elmli bir adam gəlsin, qəzavata necə qoşulmalı olduqlarını onlara başa salsın. Həmzət bu sözlərdən bərk qəzəbləndi, əmr elədi ki, ağsaqqalların bığını qırxıb burunlarını deşsinlər, hərəsinin burnundan bir çiy fətir asıb geri göndərsinlər. Ağsaqqallar qayıdıb dedilər:

– Həmzət bizə qəzavatın nə olduğunu başa salmağa hazırdır. Şeyxi bundan ötrü yanımıza göndərəcək. Amma bir şərti var: xanın arvadı kiçik oğlunu onun yanına girov göndərməlidir.

Xanın arvadı Həmzətin sözünə inanıb kiçik oğlu Bulaç xanı onun yanına göndərdi. Həmzət cavan xanı yaxşı qarşıladı. Sonra adam göndərib onun böyük qardaşlarını da qonaq çağırdı. Guya atası böyük xana qulluq elədiyi kimi, özü də xanın oğlanlarına xidmət göstərmək arzusunda idi. Beləliklə, o, xanın ailəsini tamamilə öz nəzarəti altına almaq istəyirdi.




Şamillə ilk dəfə üz-üzə


Xanın arvadı bacarıqsız, ağlı axsaq, xasiyyəti ötkəm bir qadın idi. Oğlanlarının ikisini birdən göndərməyə ürək eləmədi, təkcə Ümmi xana rüsxət verdi. Hacı Murad da Ümmi xanla getdi. Həmzətin düşərgəsinə yaxınlaşanda müridlər qonaqları qarşılamağa çıxdılar. Onları at oynada-oynada, güllə ata-ata, mahnı oxuyaoxuya Həmzətin çadırına ötürdülər. Həmzət çadırdan çıxdı, Ümmi xanın atının üzəngisini tutub qonagını xanlara layiq hörmətlə qarşıladı. Sonra üzünü xana tutub dedi:

– Mən ömrümdə sizin ailəyə pislik eləməmişəm, eləmək də istəmərəm. Ancaq siz də məni öldürməyin, camaatı qəzavata qaldırmağıma əngəl olmayın. Arxayın olun ki, atam atanıza qulluq elədiyi kimi, özüm də bütün qoşunumla sizə qulluq eləyəcəyəm. Rüsxət verin, sizin evdə yaşayım. Mən məsləhətimlə sizə bacardığım köməyi göstərərəm, siz də bildiyiniz kimi hərəkət eləyərsiniz.

Ümmi xanın danışan dili yox idi, cavab verməyə söz tapmadığından susurdu. Bu zaman Hacı Murad irəli yeridi:

– Əgər elədirsə, onda Xunzaxa gedin. Xan da, anası da sizi orada layiqincə qəbul eləyərlər.

Bu zaman müridlərdən biri onun sözünü kəsdi:

– Səndən soruşmurlar, xandan soruşurlar.

İmamın yanında duran bu adam Şamil idi. Hacı Muradla Şamil ilk dəfəydi üz-üzə gəlirdilər.

Hacı Murad danışmağın təhlükəli olduğunu görüb susdu. Həmzət Ümmi xanı çadıra apardı. Çadırda söhbətin nədən getdiyini Hacı Murad bilmədi. Bir azdan Həmzət onu içəri çağırıb dedi:

– Mənim elçilərimlə Xunzaxa getməlisən.




Xanın oğlanları üçün tələ


Onlar yola düşüb bir müddət sonra Xunzaxa çatdılar. Elçilər xanın arvadını dilə tutmağa başladılar ki, böyük oğluna da Həmzətin qonaqlığına getməyə izin versin.

Hacı Murad artıq xəyanətdən duyuq düşmüşdü. Ona görə də xanın arvadını dilə tutdu ki, oğlunu göndərməsin. Ancaq necə deyərlər, arvadın saçı uzun olur, ağlı qısa. Xanım elçilərin sözünə inanıb böyük oğluna da Həmzətin yanına getməyi tapşırdı. Əbununsal isə getmək istəmədi. Bu zaman anası onu qınadı:

– Deməli, qorxundan getmirsən.

Xan arvadı oğlunun harasından sancmağı yaxşı bilirdi. Əbununsal anasının tənəli sözündən qəzəbləndi. Daha ona bir söz deməyib nökərlərə əmr elədi ki, atı yəhərləsinlər. Hacı Murad belə vaxtda xanı tək buraxa bilməzdi. Ürəyincə olmasa da, onunla birgə yola düşdü.

Həmzət Əbununsal xanı Ümmi xandan da yaxşı qarşıladı. Özü atlanıb xanın qabağına çıxmışdı. Dalınca gələn əli bayraqlı müridlər at oynadır, güllə atır, mahnı oxuyurdular. Düşərgəyə çatanda Həmzət Əbununsal xanı çadırına apardı. Hacı Murad isə qulağı səsdə, ürəyi səksəkədə atların yanında qaldı.

O, təpənin ayağında dayanmışdı, birdən Həmzətin çadırından güllə səsi gəldi. Hacı Murad tez çadıra yüyürdü, gördü Ümmi xan al-qan içində yerə yıxılıb, Əbununsal xan isə əldə xəncər müridlərlə vuruşur. Onun bir üzü çapılıb aşağı sallanmışdı, bir əliylə çapığı tutub o biri əliylə yaxına gələni xəncərdən keçirirdi. Əbununsal xan Həmzətin qardaşını doğrayıb başqa birinə cummaq istəyirdi ki, müridlər onu gülləyə tutdular. Əbununsal yıxıldı.

Hacı Murad bunu görəndə canına qorxu düşdü. Onun qaçmaqdan başqa bir yolu yox idi. Sonralar həmin biabırçılığı xatırlayır, günahını yumağa can atırdı.




Hacı Murad xanların qanını alır


Xanın oğlanlarını aradan götürəndən sonra Həmzət Xunzaxa girib xan evində yerləşdi. Xan arvadı imarətdə təkcə qalmışdı. Həmzət onu yanına çağırtdı, oğlanlarını itirən ana imamı görəndə ağzına gələni deməyə başladı. Onda Həmzət müridlərdən birinə göz eləyib xan arvadını öldürtdü. Xanın nəslindən-kökündən bircə kiçik oğlu Bulaç qalırdı, onu da Şamil qayadan atdı.

Bütün Avarıstan Həmzətin ixtiyarına keçdi. Hamı tabe olsa da, Hacı Muradla qardaşı Osman Həmzətə boyun əymək fikrində deyildilər. Onlar xanların qanını almaq üçün fürsət gözləyirdilər. Üzdə özlərini elə göstərirdilər ki, guya boyun əyirlər, amma nahaq qanı yerdə qoya bilməzdilər. Babaları ilə məsləhətləşib qəra-ra gəldilər ki, səbirlə Həmzətin saraydan çıxmasını gözləsinlər. Çıxanda bir yerdə pusqu qurub onu öldürərlər.

Kimsə onların söhbətini eşidib hamısını Həmzətə çatdırmışdı. O, babanı yanına çağırtdırıb dedi:

– Eşitmişəm nəvələrin mənim barəmdə pis fikrə düşüblər. Əgər doğrudursa, onda sən də onlarla birgə asılacaqsan. Mən Allahın əmrini yerinə yetirirəm, heç kəs qabağımda dura bilməz. Get, özün də dediklərimi yaddan çıxartma.

Baba evə gəlib Həmzətin dediklərini nəvələrinə danışdı. Qərara gəldilər ki, daha gözləməsinlər, bayramın birinci günü məsciddə işi bitirsinlər. Bu vaxtacan onlarla bir fikirdə olan yoldaşları Həmzətin hədəsindən qorxub bu işdən boyun qaçırdılar. Təkcə Hacı Muradla qardaşı Osman qaldı. Onlar Həmzətin məscidə gələcəyi vaxtı öyrənib silahlandılar, yapıncıya bürünüb məscidə getdilər. Az sonra Həmzət otuza yaxın siyirməqılınc müridlə içəri girdi. Müridlərdən biri Hacı Muradla Osmanı görəndə qışqırdı:

– Yapıncıları çiyninizdən götürün!

Bunu deyib o, Hacı Murada yaxınlaşdı. Hacı Murad xəncəri yapıncının altında hazır tutmuşdu. Bir göz qırpımında müridi öldürüb Həmzətin üstünə cumdu. Bu vaxt qardaşı Osman Həmzəti gülləylə vurdu. Həmzət yıxılmadı, xəncərini siyirib Osmanın üstünə atıldı. Amma Hacı Murad onu vurmağa macal tapdı. İki qardaş otuz müridlə üz-üzə qaldı. Amansız döyüşdə Osman öldürüldü. Hacı Murad isə vuruşa-vuruşa aradan çıxdı, özünü pəncərədən atıb qaçdı.




Hacı Murad Şamilə “yox” deyir


Həmzətin öldürüldüyünü eşidən Xunzax camaatı ayağa qalxdı. Müridlərdən qaçan qaçdı, qaça bilməyənlərin hamısını qırdılar.

Amma Hacı Murad tutduğu işin nəticəsini nəzərə almamışdı. O elə bilirdi ki, Həmzətin öldürülməsi ilə hər şey düzələcək. Həmzətin yerinə Şamil keçəndə çətin günlər başlandı. Aralarında ədavət olsa da, ikisi də ruslara qarşı idi. İlk addımı Şamil atdı, Hacı Muradın yanına adam göndərib təklifini çatdırdı:

– Gəl birlikdə ruslara qarşı vuruşaq. Razı olmasan, Xunzaxın altını-üstünə çevirib özünü də öldürəcəyəm.

Hacı Murad Şamilə belə xəbər göndərdi:

– Nə sənin yanına gəlirəm, nə səni yanıma buraxıram.

O, Şamilin yanına gedə bilməzdi, çünki qardaşı Osmanın da, Əbununsal xanın da qanı Şamilin üstündə idi. Şamilə qarşı mübarizə aparan Qafqaz canişini bundan istifadə etmək fikrinə düşdü. Axırda Şamilin düşmənini öz tərəfinə çəkə bildi. Hacı Murada zabit rütbəsi verib Avarıstana hakim təyin etdi.

Bir müddət sonra Hacı Murad ruslara inanmaqda yanıldığını başa düşdü. Canişin Avarıstana əvvəlcə Qazıqumuq xanı Məhəmməd Mirzəni, sonra da Əhməd xanı böyük təyin elədi. Beləliklə, Hacı Murad ruslara kin bəsləməyə başladı.




Əhməd xanın əsiri


Əhməd xanla Hacı Muradın arası başqa bir məsələ üstündə də dəymişdi. O, xanın qızı Səltənəti oğluna istəyirdi, ancaq qızı vermədilər. Əhməd xan da bunun günahını Hacı Muradda gördü. Nökərlərini göndərdi ki, əlaltından Hacı Muradın başını əksinlər. Amma nökərlər tapşırılan işi yerinə yetirməyə fürsət tapmadılar. Belə olanda Əhməd xan ruslara Hacı Muraddan şikayət elədi ki, guya o, avarları rus əsgərlərinə odun verməyə qoymur, üstəlik də, başına çalma qoyur, deməli, Şamilə satılıb. Amma rus generalı deyilənlərə inanmadı. Tapşırdı ki, Hacı Murada toxunmasınlar. Çünki onun Şamilin tərəfinə keçməsi ruslara sərf eləmirdi.

General Tiflisə gedən kimi Əhməd xanın əlinə girəvə düşdü. O, bir bölük əsgərlə qəfil hücum çəkib Hacı Muradı tutdu. Onun əl-qolunu zəncirləyib topun təkərinə bağladılar, altı gün-altı gecə beləcə saxladılar. Yeddinci gün Hacı Muradı açıb Temirxan-Şuraya apardılar. Onu qırx əsgər aparırdı, hamısının da əlində dolu tüfəng vardı. Hacı Muradın qolları bağlı idi, əsgərlərə əmr verilmişdi ki, dustaq qaçmaq istəsə, vursunlar.

Hacı Murad bütün bunları bilirdi. Amma ilk fürsətdəcə qaçmaq fikrində idi. Yol Maksah aulunun yanından keçirdi. Cığır dar idi, sağ tərəfdə dərin bir uçurum vardı. Hacı Murad fürsət tapıb uçuruma yaxınlaşdı. Əsgər ona mane olmağa çalışsa da, bacarmadı. Hacı Murad ölümü gözünün altına aldı, əsgərdən yapışıb uçuruma atıldı. Əsgər öldü, Hacı Murad isə sağ qaldı. Onun bədəni başdan-ayağa xurd-xəşil olmuşdu. Sürünüb özünü bir tərəfə salmaq istədisə də, bacarmadı, başı hərlənir, gözləri qaralırdı. Bu zaman onu yuxu apardı. Oyananda gördü təpədən-dırnağa qan içindədir. Bir çoban onu görüb camaata hay saldı. Hacı Muradı götürüb aula apardılar. Günlər keçdikcə yaraları yavaş-yavaş sağaldı, amma ayağının biri gödək qaldı. Elə o vaxtdan yeriyəndə axsamağa başladı.




General Hacı Muradı dilə tutur


Camaat Hacı Muradın yaralanmasından xəbər tutmuşdu, bir ucdan yanına gəlib-gedirdilər. Sağalandan sonra Hacı Murad Selmesə getdi. Avarlar yenə onu özlərinə başçı çağırırdılar. Hacı Murad təklifi qəbul elədi. İndi o, Əhməd xandan da intiqam almalı idi.








Hacı Muradın qaçandan sonra Avarıstanda böyük hörmət qazanması rusları narahat eləyirdi. Ona görə də onu nə təhər olur-olsun öz tərəflərinə çəkməyə çalışırdılar. Rus generalı bu niyyətlə Hacı Murada məktub da göndərmişdi. Məktubda belə deyilirdi:

“Sən mənim yanımda xidmət edirdin. Mən səndən razı idim, səni yaxşı adam hesab eləyirdim. Əhməd xan xəbər verdi ki, sən rus hökumətinə xain çıxmısan, başına çalma qoymusan, Şamillə də əlaqən var. Guya adamları öyrədirsən ki, rus hökumətinə tabe olmasınlar. Əmr elədim səni tutub yanıma göndərsinlər. Sən də qaçdın. Günahın olub-olmadığını bilmirəm. Ancaq mənə yaxşı qulaq as. Əgər böyük padşahın yanında vicdanın pakdırsa, əgər günahsızsansa, gəl yanıma. Heç nədən qorxma, mən səni qoruyacağam. Xan sənə heç nə eləyə bilməz, o özü mənə tabedir. Deməli, sən qorxmaya bilərsən”.

Rus generalı daha sonra özünün sözübütöv, ədalətli adam olduğunu ayrıca qeyd eləyirdi. O, Hacı Murada hökumətə təslim olub üzə çıxmağı məsləhət görürdü.

Hacı Murad generala belə bir cavab yazdı: “Bəli, başıma çalma qoyuram. Ancaq çalmanı Şamilə görə yox, axirət üçün qoyuram. Şamilin tərəfinə keçməyə gələndə isə nə belə bir arzum var, nə də bunu eləyə bilərəm. Çünki atamın, qardaşımın, qohumlarımın ölümünə səbəb odur. Rusların da yanına qayıda bilmərəm, çünki mənim şərəfimi təhqir eləyiblər. Xunzaxda əlimqolum bağlı olanda bir alçaq üstümü murdarlayıb. Həmin adam öldürülməmiş rusların yanına qayıtmaram. Ən çox da ona görə qayıtmaram ki, fırıldaqçı Əhməd xandan ehtiyat eləyirəm”.




Hacı Murad Şamilin tərəfinə keçir


Ancaq rus generalı Hacı Muraddan əl çəkmək fikrində deyildi. O, yenə məktub yazıb Hacı Muradı təslim olmağa çağırdı. Məktub, altında hiyləgərlik gizlənən şirin dillə yazılmışdı:

“Rus qanunları ədalətlidir. Səni təhqir edən adamın cəzasını gözlərinlə görəcəksən. Artıq bu məsələnin yoxlanması üçün əmr vermişəm. Səndən inciməyə haqqım var. Sən mənə etibar eləmirsən. Bununla belə, incimirəm, çünki mən siz dağlıların xasiyyətinə yaxşı bələdəm, bilirəm ki, başqalarına tək-tək hallarda bel bağlayırsınız. Əgər sənin vicdanın ruslara qarşı təmizdirsə, əgər çalmanı axirət üçün qoyursansa, onda haqlısan. Deməli, rus hökumətinin də, mənim də gözümün içinə kişi kimi baxa bilərsən. İnan ki, səni təhqir eləyən öz cəzasını alacaq. Zəbt olunmuş əmlakın da özünə qaytarılacaq. Onda sən rus qanununun nə demək olduğunu biləcəksən. Sən heç bir şeydən qorxmaya bilərsən. Bu məktubu göndərdiyim adama qoşul, yanıma gəl, o mənə sadiq adamdır. O sənin düşmənlərinin qulu deyil, hökumət yanında xüsusi hörməti olan bir adamın dostudur”.

Sonra general yenə Hacı Muradı dilə tutub üzə çıxmağa çağırırdı.

Hacı Murad bu sözlərə inanmadı, rus generalının yanına da getmədi. İndi onun başlıca fikri Əhməd xandan qisas almaq idi. Bunu da rusların köməyi ilə eləmək mümkün deyildi. Bu zaman Əhməd xan qoşun çəkib Selmesi mühasirəyə aldı. Niyyəti Hacı Muradı ya tutmaq, ya da öldürmək idi. Hacı Muradın dəstəsi kiçik olduğundan nə Əhməd xana qalib gəlməyə gücü çatardı, nə də mühasirədən çıxa bilərdi. O, çox böyük çətinliyə düşmüşdü, düşmənlərindən intiqam almamış ölmək istəmirdi.

Belə bir vaxtda Şamilin yanından adam gəlib ona kağız gətirdi. Şamil yazırdı ki, Əhməd xanın əlindən qurtarmaqda, onu öldürməkdə Hacı Murada kömək eləməyə hazırdır. O həm də bütün Avarıstanı Hacı Muradın ixtiyarına verməyi boyun olurdu.

Hacı Murad çox götür-qoy eləyəndən sonra Şamilin şərtinə razı oldu. O gündən də vaxtaşırı ruslarla döyüşə girdi. O, çox vaxt qəfildən hücüm edir və həmişə də uğur qazanırdı. Hacı Murad misilsiz cürəti ilə bütün Qafqazda ad qazanmışdı.




Şamillə ara soyuyur


Şeyx Şamillə Hacı Murad heç vaxt dost olmamışdılar. Şamil bir yandan Hacı Muraddan qorxurdu, bir yandan da onsuz keçinə bilmirdi. Ruslarla döyüşmək üçün Şamilə Hacı Murad kimi adam hava-su kimi lazım idi. Hacı Muradın isə Şamilə qoşulmaqda məqsədi düşmənlərindən intiqam almaq idi.

Onların arasındakı soyuqluğu bir təsadüf daha da artırdı. Bir dəfə Hacı Muraddan soruşdular:

– Şamildən sonra imam kim olacaq?

Hacı Murad birbaşa cavab verdi:

– Kimin qılıncı itidir, o!

Bu sözləri İmam Şamilə çatdırdılar. Şamil Hacı Muradın dediklərini pis yana yozub ondan yaxasını qurtarmaq fikrinə düşdü. Amma istəyini açıq-aşkar həyata keçirə bilmirdi. Çünki Hacı Murad təzədən rusların tərəfinə keçsəydi, Şamil üçün daha da təhlükəli olardı. Ona görə imam başqa tədbirlərə əl atmağa başladı. O, Hacı Muradı daha qorxulu səfərlərə göndərirdi. Beləcə, ümid eləyirdi ki, bu səfərlərin birində Hacı Muradın başına pis bir iş gələcək. Bu səfərlərdən biri də Tabasarana yürüş idi.

Hacı Murad isə bütün gedər-gəlməz yollardan sağ-salamat, əlidolu qayıdırdı. O, Tabasaran səfərindən min qoyun, üç yüz də atla döndü. Ancaq İmam Şamil buna qane olmadı, dedi ki, tapşırığı yaxşı yerinə yetirməyib. Bunun ardınca o, Hacı Muradın naibliyini əlindən aldı, əmr elədi ki, qızıl pulları da göndərsin. Hacı Murad Şamilə min qızıl göndərdi, ancaq imam buna da qane olmadı. Müridlərini göndərib Hacı Muradın bütün var-yoxunu əlindən aldı, özündən də yanına gəlməyi tələb elədi.

Hacı Murad bilirdi ki, Şamil onu öldürəcək, ona görə də imamın yanına getmədi. İmam Şamil müridlərini Hacı Muradı tutmaq üçün göndərdi. Amma Hacı Murad da asan ələ keçən adam deyildi, müridlərlə atışa-atışa aradan çıxdı.




Mahkəndə gizli səfər


1851-ci ilin soyuq bir noyabr axşamı Hacı Murad Mahkənd adlı çeçen auluna girdi. Aul təzək tüstüsünə bürünmüşdü.

Müəzzinin zil azan səsi yenicə kəsilmişdi. Təmiz dağ havasında arı şanı kimi bir-birinə sıxılmış daxmaların həyətinə girən mal-qaranın böyürtüsü, qoyun-quzunun mələşməsi, uzaqdan-uzağa söz güləşdirən kişilərin hay-küyü, bulaq başındakı arvad-uşağın səsi aydın eşidilirdi.

İmam Şamilin naibi, igidlikdə ad qazanmış Hacı Muradı hamı tanıyırdı. Həmişə bir yerə gedəndə yanınca xüsusi bayraq götürərdilər, ətrafında onlarca igid mürid at oynadardı. İndisə yanında vur-tut bircə müridi vardı. Hacı Murad üz-gözünü başlıqla sarımışdı, bərk-bərk büründüyü yapıncının altından tüfənginin ucu görünürdü. O, bacardıqca gözə girməməyə çalışır, rast gəldiyi adamları iti qara gözləriylə ehtiyatla nəzərdən keçirirdi.

Aulun ortasında Hacı Murad atını dar bir döngəyə sürdü. Dağın ətəyində qazılmış ikinci daxmaya yetişib oyan-buyana göz gəzdirdi. Daxmanın dəhlizində kimsə görünmürdü. Amma damda, tüstü bacasının arxasında kürkə bürünmüş bir kişi uzanmışdı. Hacı Murad qamçının sapı ilə onu tərpədib astaca səslədi. Kürkün altından qoca bir kişi qalxdı. Kişinin başında gecə papağı, əynində kirdən işıldayan cırıq arxalıq vardı. Qocanın kirpiksiz gözləri qızarıb bulaşmışdı. O, göz qapaqlarını bir-birindən aralamaq üçün gözünü tez-tez qırpırdı. Hacı Murad “salaməleyküm” deyib üzünü açdı.

Qoca Hacı Muradı tanıyıb:

– Əleyküməssalam, – dedi, dişsiz ağzını açıb gülümsədi.

Sonra bir əlini yerə, o birini arıq dizinə söykək verib qalxdı, taxtadaban başmaqlarını ayağına keçirdi. Qırışıq kürkünü tələsmədən geydi. Dama söykənmiş nərdivanla dalı-dalı aşağı düşdü. Hörmət əlaməti kimi bir əliylə Hacı Muradın atının cilovundan, o biri əliylə sağ üzəngisindən yapışdı. Ancaq tez atdan yerə sıçrayan qıvraq mürid qocanı kənarlaşdırıb güclü əlləri ilə üzəngini özü basdı.

Hacı Murad atdan düşüb yüngülcə axsaya-axsaya dəhlizə keçdi. Bu vaxt qapı açıldı. İçəridən on dörd-on beş yaşlı bir oğlan uşağı çıxıb qara gözlərini təəccüblə gələnlərə zillədi. Qoca onu buyurdu:

– Qaç məscidə, atanı çağır.

Sonra o, Hacı Muradı qabaqlayıb daxmanın yüngül qapısını cırıltı ilə açdı. İçəri qapıdan ortayaşlı arıq bir arvad çıxdı. Onun əynində göy çaxçur[1 - Çaxçur – keçmişdə qadınların geydikləri balağı büzməli enli şalvar növü.] vardı, sarı köynəyinin üstündən qırmızı bəşmət[2 - Bəşmət – dik yaxalığı olan uzunətəkli qədim kəndli üst geyimi (əsasən, Şimali Qafqaz və Orta Asiyada)] geymişdi. Qucağında yastıq, bir də döşəkçə vardı.

– Xoş gəlmisiniz, – deyib o, Hacı Muradı salamladı. Sonra daxmanın yuxarı başında qonağa oturmaq üçün yer düzəltməyə başladı.

Hacı Murad dilləndi:

– Allah oğlanlarını saxlasın.

O, yapıncısını, tüfəngini, qılıncını çıxarıb qocaya uzatdı. Qoca onları alıb ev yiyəsinin silahı ilə yanaşı divardan asdı.

Hacı Murad belindəki tapançanı düzəldib arvadın yerə saldığı döşəkçəyə tərəf getdi. Çərkəzi çuxasının ətəyini geri atıb əyləşdi. Qoca yalın ayaqlarını altına yığıb onunla üzbəüz dizi üstə oturdu. Gözlərini yumdu, əllərini qoşalayıb sifətinə yaxınlaşdırdı, astadan dua oxumağa başladı. Hacı Murad da onun kimi elədi. Duadan sonra ikisi də salavat çevirdi.

Hacı Murad qocadan soruşdu:

– Təzə nə xəbər var?

– Elə bir xəbər yoxdur, – qoca ölgün qırmızı gözlərini Hacı Muradın üzünə yox, sinəsinə zillədi. – Olsa, oğlum bilər.

Hacı Murad duydu ki, onu maraqlandıran məsələdən qocanın xəbəri var, ancaq danışmaq istəmir. Ona görə də başını yavaşca tərpədib daha heç nə soruşmadı.

– Elə ürəkaçan bir şey yoxdur, – qoca sükutu pozdu, sözünü üstüörtülü demək istədi. – Dovşanlar baş-başa verib məsləhətləşirlər ki, qartalları necə qovaq. Qartallar da onlara aman vermir, birini orda, birini burda parçalayırlar. Keçən həftə ruslar qonşu aulun ot tayalarını yandırıblar. Allah onların bəlasını versin!

Bunu deyib qoca hiddətlə xırıldadı.

Hacı Muradın müridi içəri girdi. Qüvvətli ayaqlarını torpaq döşəmədə geniş ata-ata səssiz, qıvraq addımlarla divara yaxınlaşdı. Yapıncısını, tüfəngini, qılıncını çıxarıb divardakı mıxlara keçirdi.

Qoca müridi göstərib Hacı Muraddan soruşdu:

– Bu kimdir?

Hacı Murad cavab verdi:

– Mənim müridimdir. Adı Eldardır.

Qoca:

– Lap yaxşı, – deyib Eldara Hacı Muradın yanında yer göstərdi.

Eldar bardaş qurub oturdu, mülayim baxışlarını söhbət eləyən qocaya zillədi. Qoca sözlərinə davam etdi:

– Keçən həftə aulun cavanları iki rus əsgəri tutdular. Birini öldürdülər, o birini Şamilin yanına göndərdilər.

Hacı Murad qocanın söhbətini fikri dağınıq halda dinləyirdi. O, tez-tez qapıya baxır, bayırdan gələn hər şaqqıltıya qulaq verirdi. Nəhayət, dəhlizdə ayaq səsləri eşidildi, sonra qapı cırıldadı, ev yiyəsi Sado içəri girdi.

Sado qırx-qırx beş yaşlı, qarasaqqal, uzunburun bir adam idi. Gözləri onu çağırmağa qaçan, indi də atası ilə içəri girib qapının yanında oturan oğlunun gözləri kimi qara idi. Sado ayaqqabılarını qapının yanında çıxardı. Tükü getmiş papağını peysərinə itələyib Hacı Muradla üzbəüz çöməlib oturdu. Sonra gözlərini yumub əllərini üzünə yaxınlaşdırdı. Dua oxuyub, salavat çevirib danışmağa başladı:

– Şamil əmr verib ki, Hacı Muradın ya dirisini, ya ölüsünü ələ keçirmək lazımdır. Şamilin göndərdiyi adamlar dünən qayıdıblar. Camaat da onun sözündən çıxmağa qorxur. Odur ki ehtiyatlı olmaq lazımdır. Amma nə qədər ki canımda can var, mənim evimdə heç kəs qonağıma dəyib-dolaşa bilməz. Dərd çölün dərdidir. Bu barədə fikirləşmək lazımdır.









Hacı Muradın yeni planı


Hacı Murad vəziyyəti çox yaxşı başa düşürdü. O, Sadoya diqqətlə qulaq asır, razılıqla başını tərpədirdi. Sado sözünü qurtaranda Hacı Murad dilləndi:

– Yaxşı. İndi ruslara bir adamla kağız göndərmək lazımdır. Mənim müridim gedər, amma onun bələdçisi olmalıdır.

Sado:

– Qardaşım Batanı göndərərəm, – deyib oğluna sarı döndü. – Batanı çağır gəlsin.

Oğlan yay kimi açılıb yerindən sıçradı. Qollarını yelləyə-yelləyə otaqdan çıxdı. Az sonra o, qarabuğdayı, qıçları gödək, cılız bir çeçenlə qayıtdı. Çeçenin əynində ora-burası süzülmüş, qollarının ağzı didik-didik olmuş sarı çuxa vardı. Qıçlarına geydiyi qara meşin boğazlıqlar aşağı sürüşüb qırışmışdı. Hacı Murad onunla salamlaşıb artıq söz işlətmədən qısaca soruşdu:

– Mənim müridimi rusların yanına ötürə bilərsənmi?

Bata cəld, həm də gülümsəyə-gülümsəyə dedi:

– Niyə ötürmürəm, lap yaxşı ötürərəm. Mənim qabağımda heç kəs dura bilməz. Başqası, ola bilsin, söz də verər, gedər də, di gəl ki işin içindən bir şey çıxmaz. Amma mən bacararam.

Hacı Murad:

– Yaxşı, çəkdiyin zəhmətin müqabilində bu qədər alacaqsan, – deyib üç barmağını göstərdi.

Bata başını tərpədib anladığını bildirdi, sonra dedi:

– Mənim üçün pul qiymətli deyil. Mən namus yolunda sənə qulluq eləməyə həmişə hazıram. Səni bu dağlarda tanımayan yoxdur. Ruslara necə divan tutduğunu hamı bilir.

Batanın sözləri doğru olsa da, Hacı Muradın onu dinləməyə vaxtı yox idi. Ona görə də dilləndi:

– Yaxşı. İpin uzunu, sözün qısası!

Bata razılaşdı:

– Düz buyurursunuz, danışmaram.

Hacı Murad sözünə davam elədi:

– Arqunun burulduğu yerdə, sıldırımla üzbəüz meşənin içindəki talada bir cüt ot tayası var, görmüsənmi?

– Görmüşəm, – Bata inamla cavab verdi.

– Orada atlılarımdan üçü məni gözləyir. Xan-Mağomanı soruşarsan. Nə eləmək, nə demək lazım olduğunu Xan-Mağoma bilir. Onu rusların böyüyü knyaz Voronsovun yanınacan aparıb çıxarda bilərsənmi?

– Apararam.

– Apararsan, sonra da geri qaytararsan. Bacararsan?

– Bacararam.

– Apararsan, qayıdanda yenə də meşəyə gələrsiz. Mən orada olacağam.

– Hamısı baş üstə! – Bata ayağa qalxdı, əlini döşünə qoyub baş əyəndən sonra otaqdan çıxdı.

Bata gedən kimi Hacı Murad üzünü ev yiyəsinə tutdu:

– Bir adam da Hexiyə göndərmək lazımdır. Hexidə belə eləmək lazımdır…

Hacı Murad çuxasının vəznəsindən birinə əl atıb mətləbi anlatmaq istəyirdi. Amma içəri girən iki qadını görcək əlini aşağı salıb susdu. Qadınlardan biri Sadonun arvadı, o biri də qızı idi. Qız qırmızı çaxçur, yaşıl bəşmət geyinmişdi, sinəsi gümüş pula tutulmuş döşlüyü vardı. Kürəyinə düşmüş yoğun qara hörüyünün ucundan gümüş manatlıq asılmışdı. Qadın üstündə yemək-içmək olan dəyirmi stol götürmüşdü. Qızın əlində aftafa, ləyən, bir də məhrəba vardı.




Gizli məktub


Qadınlar süfrə açdıqları müddətdə Hacı Muradla Sado susdular. Eldar da gözlərini dizlərinə zilləyib heykəl kimi hərəkətsiz oturdu. O yalnız qadınlar çıxandan sonra rahat nəfəs aldı.

Hacı Murad çuxasının döşündəki vəznənin ağzına tıxanmış gülləni dartıb altından lülələnmiş kağız çıxardı.

– Oğluma çatasıdır, – deyib kağızı ev yiyəsinə göstərdi.

– Cavabı hara? – Sado soruşdu.

– Sənə. Sən də mənə çatdırarsan.

– Arxayın ol, – Sado kağızı alıb öz vəznəsində gizlətdi. Sonra aftafanı götürüb ləyəni Hacı Muradın qarşısına çəkdi.

Hacı Murad arxalığının qollarını əzələli ağ biləklərindən yuxarı çırmayıb əllərini Sadonun aftafadan tökdüyü dupduru soyuq suyun altına tutdu. Cod dəsmalla əl-üzünü qurulayandan sonra süfrəyə əyildi. Eldar da onin kimi elədi. Qonaqlar süfrəyə əl uzadanda ev yiyəsi dönə-dönə dil-ağız elədi. Hacı Muradın layiq bilib qapısına düşməsi onu çox sevindirirdi. Qapının yanında oturan uşaq da qara gözlərini Hacı Muraddan çəkmirdi. Sanki öz təbəssümü ilə atasının dediklərinə şərik çıxırdı.

Dünəndən bəri dilinə heç nə dəyməsə də, Hacı Murad azacıq pendir-çörək yedi. Sonra bıçağını çıxarıb yuxanın üstünə bal çəkdi.

Qoca özü çəkdiyi baldan Hacı Muradın yediyini görüb xoşlandı:

– Bizim bala söz yoxdur. Bu il Allah verib, keçən illərə baxmış həm boldur, həm də yaxşı.

Nəhayət, Hacı Murad “Əlhəmdülillah” deyib əlini süfrədən çəkdi. Eldar hələ doymasa da, mürşidinə baxıb yeməyini bitirdi. Aftafa-ləyəni götürüb Hacı Muradın yanına qoydu.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289292) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Çaxçur – keçmişdə qadınların geydikləri balağı büzməli enli şalvar növü.




2


Bəşmət – dik yaxalığı olan uzunətəkli qədim kəndli üst geyimi (əsasən, Şimali Qafqaz və Orta Asiyada)



Bu əsərdə imam Şamilin başçılığı ilə Rusiya imperiyasına qarşı vuruşan üsyançılardan bəhs edilir. Əsərin əsas qəhrəmanı olan Hacı Murad işğalçılara qarşı mərdliklə mübarizə aparan avar sərkərdələrindən birinin portretidir.

Как скачать книгу - "Hacı Murad" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Hacı Murad" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Hacı Murad", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Hacı Murad»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Hacı Murad" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Видео по теме - HACI MURAD

Книги серии

Книги автора

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *