Книга - Uşaqlıq. Yeniyetməlik…

a
A

Uşaqlıq. Yeniyetməlik…
Lev Tolstoy


Dünya ədəbiyyatından seçmələr
Lev Tolstoyun ilk irihəcmli əsəri sayılan “Uşaqlıq” povestində çoxlarının uşaqlıq illərində yaşadığı müxtəlif psixoloji təcrübələrin (ilk sevgi, ədalətsizlik, insanlar arasında ziddiyyətlər və s.) ustalıqla əks olunub.





Lev Tolstoy

UŞAQLIQ • YENİYETMƏLİK • GƏNCLİK





UŞAQLIQ





Karl İvanıç


18… ilin 12 avqustu idi. On yaşımın tamam olduğu və gözəl hədiyyələr aldığım doğum günümdən üç gün keçmişdi. Həmin gün səhər saat 7-də Karl İvanıç əlindəki milçəkqıranı lap başımın üstündəki milçəyə çırparaq məni yuxudan oyatdı. Başımı yorğanın altından çıxarıb acıqlı-acıqlı onu süzdüm. Tiftikli parçadan ala-bəzək xalat geyinib üstündən eyni parçadan kəmər bağlamışdı. Başına qotazlı fəs qoymuş, ayaqlarına da keçi dərisindən yumşaq uzunboğaz çəkmə geymişdi.

Karl İvanıç mənim acıqlı baxışlarıma əhəmiyyət verməyib milçək öldürməyə davam edirdi.

«Tutalım ki, mən balacayam, – fikirləşdim, – ancaq axı niyə məni narahat edir? Niyə milçəkləri Volodyanın yatağının yanında öldürmür? Bir bax gör nə qədərdir! Volodya məndən böyükdür; mən hamıdan balacayam. Buna görə də o mənə əziyyət verir… Xalatından da, fəsindən də, qotazından da zəhləm gedir!»

– Qalxın, uşaqlar, qalxın!.. Vaxtdır. Ananız artıq zaldadır, – deyərək Karl İvanıç mənə yaxınlaşdı, çarpayıma əyləşib gülə-gülə ayaqlarımın altını qıdıqlamağa başladı.

«O nə qədər mehribandır, bizi nə qədər çox istəyir, mənsə onun haqqında gör necə pis fikirdəydim!»

Özümə də, Karl İvanıça da hiddətləndiyimdən həm gülmək, həm də ağlamaq istədim: əsəblərim pozulmuşdu.

Gözlərimdən yaş axa-axa başımı yastığın altından çıxardım. Karl İvanıç təəccübləndi. Təşvişlə soruşdu ki, bəlkə, xəstələnmişəm, ya da pis yuxu görmüşəm. Onun almanlara xas mehriban sifəti, halıma yanması məni daha da bərkdən ağlamağa məcbur etdi. Xəcalət çəkirdim: necə olub ki, bir dəqiqə əvvəl ondan zəhləm gedib? Pis yuxu gördüyümü, elə onun üçün də ağladığımı söylədim: guya anam ölmüşdü və onu dəfn etməyə aparırdılar. Sözlərimdən mütəəssir olmuş Karl İvanıç mənə təsəlli verib sakitləşdirməyə çalışanda elə bildim, bu dəhşətli yuxunu, doğrudan da, görmüşəm və təzədən hıçqırdım.

Karl İvanıç gedəndən sonra qalxıb yatağımda əyləşdim. Uydurduğum yuxu haqqında qəmgin fikirlər məni tərk etmirdi. Lələmiz[1 - Lələ – keçmişdə kübar və varlı ailələrdə oğlan uşağının tərbiyəçisi] Nikolay içəri girdi. O, təmizkar, səliqəli bir adam idi, Karl İvanıçla da dostluq edirdi. Onun yanında ağlamaq ayıb olardı. Volodya əlüzyuyanın yanında dayanıb Marya İvanovnanı (bacımın mürəbbiyəsi[2 - Mürəbbiyə – keçmişdə dövlətli ailələrində uşaqların təlim və tərbiyəsi ilə məşğul olan qadın] olan bu qadına öz aramızda «Mimi» deyirdik) yamsılayaraq elə şən-şən və elə bərkdən güldü ki, ciddi görkəmli Nikolayı belə gülmək tutdu. Mənim də kefim duruldu.

– Tezmi hazır olacaqsınız? – sinifdən Karl İvanıçın səsi eşidildi.

O, dərsdə tamam başqa adam olurdu. Cəld müəllimimin yanına getdim.

Karl İvanıç gözündə eynək, əlində kitab öz həmişəki yerində – qapı ilə pəncərə arasında oturmuşdu. O, vaxtının çox hissəsini mütaliə edərək keçirirdi.

Bəzən zalda doyunca qaçışdıqdan sonra barmaqlarımızın ucunda gizlincə sinfə gələndə Karl İvanıçın kresloda əyləşib kitab oxuduğunu görürdük. Onu kitab oxumadığı vaxtlarda da görürdüm: iri eynəyi qartal burnunun ucuna düşmüş olurdu, yarıyumulu mavi gözləri xüsusi bir ifadə ilə baxır, dodaqları isə qəmli-qəmli gülümsəyirdi.

Bəzən qapının ağzında dayanıb ona baxa-baxa fikirləşirdim: «Yazıq qoca! Biz çoxuq, oynayırıq, günümüz şən keçir, onun isə heç kəsi yoxdur, özü demiş, doğrudan da, yetimdir. Onun həyat tarixçəsi nə qədər kədərlidir! Başına gələnləri Nikolaya danışmağı yadımdadır – onun vəziyyətində olmaq dəhşətlidir!» Ona elə yazığım gəlirdi ki, bəzən yanına gedib əlindən tutaraq deyirdim: «Sevimli Karl İvanıç!» Belə deməyimi xoşlayır, mütəəssir olub başımı sığallayırdı.

Karl İvanıç xalatını çıxardıb dik yaxalıqlı, çiyinləri büzməli göy frak geyindi, güzgünün qabağında dayanıb qalstukunu düzəldəndən sonra bizi aşağıya apardı ki, anamızla görüşək.




Anam


Anam qonaq otağında əyləşib çay süzürdü. Sevimli adamın üzündəki cizgiləri xəyalında canlandırmağa çalışanda o qədər xatirələr oyanır ki, bu cizgiləri göz yaşları arxasından olduğu kimi dumanlı görürsən. Anamı xatırlayanda həmişə mehribanlıq və məhəbbət ifadə edən qonur gözləri, ağ yaxalığı, tez-tez öpdüyüm zərif əlləri təsəvvürümdə canlanır; lakin üzünün ifadəsini xəyalıma gətirə bilmirəm.

Divarın sol tərəfinə köhnə ingilis royalı qoyulmuşdu; qaraşın bacım Lyuboçka royalın qabağında oturmuşdu. Royalı çalarkən onun necə gərgin olduğu aydın sezilirdi. Lyuboçkanın on bir yaşı var idi. Acıqlı qırmızı sifəti olan Marya İvanovna bacımın yanında əyləşmişdi. Karl İvanıç içəri girər-girməz anama tərəf getdi. Anam əlini uzatdı. Karl İvanıç onun əlindən öpdü. Sonra isə anam müəllimin qırışmış gicgahından öpüb soruşdu:

– Uşaqlar gecəni rahat yatıblar?

Karl İvanıçın bir qulağı kar idi, indi isə royalın səsindən qətiyyən heç nə eşitmədi. Ona görə bir az da divana doğru əyildi.

– Soruşuram ki, uşaqlar gecəni rahat yatıblar? – anam bərkdən dedi.

– Bağışlayın, Natalya Nikolayevna, nə dediniz?

Anam gülümsəyərək Marya İvanovnaya tərəf döndü:

– Mimi, bir dəqiqə dayanın, heç nə eşidilmir.

Anamın üzü nə qədər qəşəng olsa da, gülümsəyəndə daha da gözəlləşir, sanki ətrafda hər şey üzə gülürdü. Həyatımın ağır dəqiqələrində bu təbəssümü, heç olmasa, gözucu görə bilsəydim, dərd-qəmin nə olduğunu bilməzdim.

Anam mənimlə salamlaşandan sonra başımı əllərinin arasına alıb diqqətlə üzümə baxdı:

– Sən bu gün ağlamısan? – soruşdu.

Mən cavab vermədim. O, gözlərimdən öpüb almanca soruşdu:

– Nə üçün ağlamısan?

Uydurduğum yuxumu bütün təfsilatı ilə xatırladım və bu fikirdən ixtiyarsız olaraq titrəyib:

– Ana, mən yuxuda ağlamışam, – dedim.

Karl İvanıç sözlərimi təsdiqləsə də, yuxu haqqında bir söz demədi. Anam ayağa qalxıb pəncərəyə yaxınlaşdı.

– Uşaqlar, indi atanızın yanına gedin və deyin ki, xırmana getməzdən əvvəl hökmən mənə dəysin.




Atam


Atam Pyotr Aleksandrıç yazı stolunun yanında dayanıb zərfləri, kağızları, pul bağlamalarını buyruqçu Yakov Mixaylova göstərir, hirsli-hirsli nə isə izah edirdi. Bizi görəndə salamlaşıb dedi ki, kənddə boş-bikar gəzdiyimiz yetər, artıq uşaq deyilik, ciddi şəkildə dərslərimizlə məşğul olmalıyıq.

– Bilirsiniz ki, bu gecə Moskvaya getmək fikrindəyəm, – o dedi. – Sizi də özümlə aparacağam. Orada nənənizin yanında qalacaqsınız, qızlar isə ananızla burada qalacaq. Dərslərə nənənizin yanında davam edəcəksiniz. Əlbəttə, sizdən ayrılmaq ananızı xeyli üzəcək. Ancaq bilməlisiniz ki, onun üçün yeganə təsəlli yaxşı oxuduğunuzu eşitmək olacaq.








Neçə gündən bəri evdə davam edən hazırlıqdan nəsə qeyri-adi bir şey gözləsək də, bu xəbər bizi heyrətə saldı. Volodya qızardı və anamın tapşırığını titrək bir səslə atama söylədi. Mən fikirləşdim: «Yuxum çin çıxdı. Allah eləsin ki, bundan betəri olmasın».

Anama çox yazığım gəldi, şübhəsiz, o bizim üçün çox darıxacaqdı. Bununla belə, atamın artıq böyük oğlanlar olduğumuz barədə sözləri məni sevindirdi. «Madam ki bu gün gedirik, deməli, daha dərs oxumayacağıq. Bu, qiyamətdir!» – fikirləşdim. Bir yandan da Karl İvanıçın halına acımağa başladım. Yəqin, onu işdən azad edəcəkdilər… İllərlə oxumağa razı idim, bircə buradan çıxıb getməyəydim, anamdan ayrılmayaydım, zavallı Karl İvanıç işsiz qalmayaydı. Axı onsuz da o, çox bədbəxtdir!

Atam ova təzə alışdırılmış tazıları nahardan sonra ovda yoxlamaq istədiyindən onları yemləməməyi Yakova tapşırdı. Sonra isə gözlədiyimin əksinə olaraq bizi dərsə göndərdi. Qaşqabağımızın sallandığını görüb bizi özü ilə ova aparacağını vəd etdi, bununla da könlümüzü aldı.

Evə qayıdıb yuxarı qalxdım, birbaş eyvana cumdum. Atamın Milka adlı sevimli tazısı gözlərini qıyaraq qapının ağzında özünü günə verirdi.

– Miloçka, bu gün biz gedirik, – itin başından öpərək dedim. – Salamat qal! Ola bilsin, bir də heç vaxt görüşməyəcəyik.

Mən kövrəlib ağladım.




Dərs


Karl İvanıçın kefi yox idi. Çatılmış qaşlarından, bir də səbirsiz hərəkətlərindən bunu aydın görmək olurdu. Volodya sakitcə dərsini oxuyurdu, mən isə qarşıdakı ayrılıq saatını düşünüb kövrəlir, başqa heç nə edə bilmirdim. Odur ki dərsə cavab vermək əvəzinə ağlayıb hüsnxət dəftərini göz yaşlarımla islatdım.

Karl İvanıç hirslənib məni dizi üstə küncə qoydu, xətkeşlə hədələyib üzr istəməyimi tələb etdi, halbuki göz yaşlarım mənə bir kəlmə belə olsun danışmağa imkan vermirdi. Nəhayət, Karl İvanıç özünün haqsız olduğunu anlayıb Nikolayın otağına getdi və dalınca qapını çırpdı.

Lələmin otağından gələn danışıq sinifdə eşidilirdi.

– Nikolay, uşaqların Moskvaya gedəcəyini eşitmisən? – Karl İvanıç soruşdu.

– Əlbəttə, eşitmişəm.

Mən küncdən durub qapıya yaxınlaşaraq xəlvətcə qulaq asmağa başladım.

Karl İvanıç kövrək səslə dedi:

– On iki ildir, Nikolay, mən bu evdə yaşayıram, Allah da şahiddir ki, onları öz balalarım kimi sevmişəm, bu evdə hamının işinə yaramışam. İndi uşaqlar böyüyüb, onlar ciddi şəkildə oxumaqla məşğul olmalıdırlar. Guya burda oxumurlar?

– Niyə ki, deyəsən, oxuyurlar, – Nikolay başı ilə təsdiqlədi.

– Bəli, indi mən gərəksiz olmuşam, məni qovmaq lazımdır. Bəs verdikləri vədlər hanı? – Karl İvanıç əlini sinəsinə qoyub əlavə etdi: – Mən Natalya Nikolayevnaya hörmət edirəm, onu çox sevirəm, Nikolay. Ancaq o kimdir ki?.. Onun sözü bu evdə keçmir. Mən bilirəm, bu hoqqalar kimindir. Mən gərəksiz olmuşam… Çünki mən yaltaqlıq etmirəm, başqaları kimi hər şeyə göz yummuram. Allah bilən məsləhətdir. Mənim buradan getməyimlə onlar varlanmayacaqlar, mən isə Allahın köməyi ilə özümə bir parça çörək taparam…

Karl İvanıç uzun-uzadı danışdı. Onun dərdi mənə təsir etmişdi. Yenə otağın küncünə qayıdıb çöməldim və az qala eyni dərəcədə sevdiyim atamla Karl İvanıçı necə barışdırmaq barədə düşünməyə başladım.

Karl İvanıç sinfə qayıdanda ayağa qalxmağımı və imla yazmaq üçün dəftər hazırlamağımı tapşırdı.

Saat 1-ə 15 dəqiqə qalmışdı, lakin Karl İvanıç sanki bizi evə buraxmaq istəmirdi; bir ucdan yeni tapşırıqlar verirdi. Naharın yaxınlaşdığını sübut edən bütün əlamətləri böyük səbirsizliklə izləyirdim. Budur, Mimi Lyuboçka və Katenka ilə (Katenka Miminin qızı idi, onun on iki yaşı var) bağdan gəlirlər, lakin həmişə yeməyin hazır olduğunu bildirən eşikağası[3 - Eşikağası – keçmişdə imkanlı şəxslərin evində qulluqçuları idarə edən şəxs] Foka görünmür. Yalnız o gələndə kitabları tullayıb Karl İvanıça əhəmiyyət vermədən aşağıya qaçmaq olar.

Budur, pilləkəndə addım səsləri eşidilir; lakin gələn Foka deyil! Qapı açıldı və tanımadığım bir adam qapının ağzında peyda oldu.




Divanə


Əlli yaşlarında bir adam otağa girdi. Onun çiçək xəstəliyindən çopurlaşmış uzunsov sifəti, çal saçları və seyrək, sarımtıl saqqalı var idi. Boyu o qədər uzun idi ki, qapıdan keçmək üçün nəinki başını, həm də bədənini əyməliydi. Əynində kaftana oxşar cırıq paltar, əlində əsa var idi. Onun bir gözü çəp idi.

O, xırda addımlarla Volodyaya tərəf qaçıb:

– Aha! Əlimə düşdünüz! – deyə qışqırdı, onun başından yapışıb təpəsinə diqqətlə baxdı. Sonra da tamamilə ciddi bir ifadə ilə Volodyadan aralanıb stolun yanına gəldi, müşəmbənin[4 - Müşəmbə – su keçirməmək üçün bir və ya hər iki üzünə xüsusi maddə sürtülmüş parça] altını üfləyərək xaç vurmağa başladı.

Bu adam səfil Qrişa idi.

O haradan gəlmişdi? Ata-anası kim idi? Niyə səfil həyatı keçirirdi? Bunu heç kəs bilmirdi. Mən yalnız bunu bilirəm ki, on beşinci ildən bəri yayda da, qışda da monastırları ayaqyalın gəzib-dolaşan və anlaşılmaz sözlər danışan divanə kimi məşhurlaşmışdı. Bəziləri onun qeybdən xəbər verdiyinə inanırdılar.

Nəhayət, çoxdan gözlədiyimiz Foka gəlib çıxdı və biz aşağı endik. Qrişa da mənasız sözlər danışa-danışa dalımızca gəlirdi. Atamla anam əl-ələ verib qonaq otağında gəzişir, nə haqdasa yavaşca söhbətləşirdilər. Marya İvanovna kresloların birində əyləşib ciddi, təmkinli bir səslə yanında oturmuş qızlara nəsihət verirdi.

Mimi çox dözülməz qadın idi. Onun yanında heç nə danışmaq olmurdu. Hər şeydə bir nəzakətsizlik görürdü.

Böyüklər qabağa düşüb yemək otağına keçəndə Katenka gödəkçəmdən dartıb pıçıltı ilə dedi:

– Atandan xahiş et, bizi də ova aparsın.

– Yaxşı, çalışaram, – dedim.

Qrişa yemək otağında, lakin başqa stolda nahar edirdi. Arada öz-özünə danışırdı: «Yazığım gəlir!.. Uçub-getdi… Göyərçin uçacaqdı… Ah, qəbrinin üstündə daş var…»

Anam atama bir boşqab şorba verərək dedi:

– Ah, az qalmışdı bir şeyi səndən xahiş etməyi unudum.

– Nə olub?

– Lütfən, tapşır ki, o qorxunc itlərini zəncirləsinlər. Qrişa həyətdən keçəndə az qala yazığı qapsınlar. Onlar uşaqların da üstünə cuma bilərlər.

– Aha! Başa düşdüm… Bilirsənmi, mənim, ümumiyyətlə, bu kimi adamlarla aram yoxdur, – atam sözünə fransızca davam etdi: – Çox yaxşı edirlər ki, belələrini həbsə atırlar. Onların xeyri onsuz da əsəbləri zəif olan bəzi adamların kefini pozmaqdır.

Anamın onun fikri ilə razılaşmadığı hiss olunurdu, ancaq mübahisə eləməyə də həvəs göstərmədi.

– Sənə bircə onu deməliyəm ki, altmış yaşı olmasına baxmayaraq qışda da, yayda da ayaqyalın gəzən, həmişə paltarının altında iki pud ağırlığında zəncir gəzdirən, dinc yaşamaq təklifindən dəfələrlə imtina edən bir adamın bütün bunları tənbəllik üzündən etməsinə inanmaq çətindir. Qeybdən xəbər verməyə gəlincə, – anam ah çəkərək əlavə etdi: – Kiryuşa rəhmətlik atamın ölümünü gününə, saatına kimi demişdi.

Nahar qurtarmaq üzrə idi. Lyuboçka ilə Katenka gizlincə bizə göz vururdular. Göz vurmalarının mənası bu idi: «Niyə xahiş etmirsiniz ki, bizi ova aparsınlar?» Nəhayət, Volodya cürətə gəldi, əvvəl utana-utana, sonra qətiyyətlə dedi ki, uzun müddət ayrı qalacağımıza görə bu gün qızların bizimlə birlikdə ova getmələrini istəyirik. Böyüklər qısa məşvərətdən sonra razılaşdılar. Hamıdan çox ürəyimizə yatan isə bu oldu ki, anam da bizimlə gedəcəyini dedi.

Nahardan sonra biz hamılıqla ova getdik. Bütün ailənin, xüsusən də anamızın bizimlə gəlməsi ovu çox maraqlı və yaddaqalan elədi.




Katenka


Biçinin qızğın vaxtı idi. Göz işlədikcə uzanan zəminin bir ucu gedib meşəyə dirənirdi. Meşə o zaman mənə ən uzaq, əsrarəngiz yer kimi görünürdü. Mənə elə gəlirdi, meşənin o tərəfi ya dünyanın axırıdır, ya da o tərəflərdə insan yaşamır.

Ovdan sonra biz, yəni uşaqlar qayınağacıların altına döşənmiş xalçanın ətrafında dövrə vurub əyləşmişdik. Dondurma və meyvə yedikdən sonra ayağa qalxıb oynamağa getdik. Oynadığımız vaxt Lyuboçka sanki meyvə dərirmiş kimi ağacın yarpağını qopardı. Elə həmin andaca dəhşət içində çığıraraq onu yerə tulladı: yarpağın üstündə iri qurd var idi. Bununla da oyunumuz qurtardı, hamımız baş-başa verib bu nadir şeyə tamaşa etməyə başladıq.

Mən Katenkanın çiyni üstündən baxırdım. Katenka qurdu yarpağın üstünə qaldırmağa çalışır, yarpağı onun qabağına tuturdu. Birdən yel əsib Katenkanın ləçəyini qaldırdı və onun ağappaq boynu göründü. Mən artıq qurda yox, Katenkanın çiyinlərinə baxırdım və birdən özümü saxlaya bilməyib onun çiynindən öpdüm. Katya dönüb mənə baxmadı, lakin onun boynunun və qulaqlarının qızardığını gördüm. Volodya başını qaldırmadan nifrətlə dedi:

– Bu nə nəzakətsizlikdir?

Mən isə kövrəlmişdim, gözlərimi Katenkadan çəkmirdim. Onun təravətli ağ üzünə baxmağa artıq çoxdan adət etmişdim və bu üzü həmişə sevirdim; lakin indi onu daha artıq sevdim.

Biz böyüklərə yaxınlaşanda atam bildirdi ki, Moskvaya səfərimiz anamın xahişi ilə sabah səhərə təxirə salınıb. Bu isə bizi çox sevindirdi.




Mənim atam necə adam idi?


Atam boy-buxunlu, xırda addımlarla iti yeriyən, tez-tez çiynini çəkən, balaca gözləri həmişə gülümsəyən, başının ortasında böyük dazı olan qartalburunlu bir adam idi. Göz açıb atamı belə görmüşdüm.

O, adamlarla münasibətdə üstünlük qazanmağı bacarırdı. Heç vaxt kübar bir adam olmamışdı. Amma yüksək təbəqədən olan adamlarla gözəl əlaqələr qurmaqda, onların hörmətini qazanmaqda məharət sahibi idi. Bu əlaqələrin bir qismini anamla qohumluğu, bir qismini gənclik yoldaşlarının sayəsində əldə etmişdi. Ancaq yoldaşlarının rütbəcə yüksəldiklərinə, özünün isə istefaya çıxmış qvardiya poruçiki[5 - Poruçik – kiçik zabit rütbəsi] qaldığına görə ürəyində onlara qəzəblənirdi. Sabiq hərbçilər kimi o da dəblə geyinməyi bacarmırdı; lakin bunun əvəzində orijinal və səliqəli geyinirdi. O, həssas və kövrək adam idi. Çox vaxt ucadan kitab oxuyanda həyəcanlı bir yerə çatarkən səsi titrəməyə başlayır, gözləri dolur, kədərlənib kitabı bir kənara qoyurdu. Atam musiqini sevir, fortepianoda çalmağı bacarırdı. Onun nə əqidəyə qulluq etdiyini bir Allah bilirdi. Yəqin, o qədər xoşbəxt idi ki, buna zərurət hiss etmirdi.

O, söhbətcil adam idi. Eyni bir hadisəni sevimli bir şıltaqlıq və pis bir alçaqlıq kimi nağıl etməyi bacarırdı.




Məşvərət


Biz evə çatanda şər qarışırdı. Anam royalın arxasında əyləşdi, biz uşaqlar isə kağız, karandaş götürüb şəkil çəkməyə başladıq. Çəkdiklərim xoşuma gəlmədi. Kağızı hirsimdən cırıb kresloda mürgü vurmağa getdim.

Anam öz müəllimi Fildin ikinci konsertini[6 - Konsert – orkestrin müşayiəti ilə bir musiqi aləti tərəfindən ifa olunmaq üçün yazılmış musiqi əsəri] çalırdı. Mən mürgüləyə-mürgüləyə cürbəcür şeylər xatırlayırdım.

Kabinetə açılan qapı mənimlə üzbəüz olduğundan Yakovun və əyninə kaftan geyinmiş bir neçə saqqallı adamın oraya girdiyini gördüm. Qapı onların dalınca dərhal örtüldü: «Hə, məşvərət başlandı!» – fikirləşdim. Mənə elə gəlirdi ki, indi dünyada bu kabinetdəkindən vacib söhbət ola bilməz. Evdəkilərin kabinetin qapısı ağzında, adətən, pıçıldaşmağı, barmaqlarının ucunda yeriməyi mənim fikrimi bir daha möhkəmləndirdi. Kabinetdən atamın gur səsi eşidilirdi. Karl İvanıç əlində kağızlar barmaqlarının ucunda, lakin qaşqabaqlı və qətiyyətli bir görkəmdə yaxınlaşıb qapını yavaşca döydü. Onu içəri buraxdılar və qapı təkrar örtüldü.

«Kaş bir bədbəxtlik üz verməsin, – fikirləşdim. – Karl İvanıç hirslidir, nə desən eləyər…»

Mən yenə mürgülədim.

Ancaq heç bir bədbəxtlik üz vermədi. Bir saat sonra çəkmələrin cırıltısı məni oyatdı. Karl İvanıç göz yaşlarını yaylığı ilə silərək kabinetdən çıxıb burnunun altında nə isə donquldana-donquldana yuxarı getdi. Atam da onun arxasınca kabinetdən çıxıb qonaq otağına keçdi.

O, əlini anamın çiyninə qoyub şən bir səslə dedi:

– Bilirsən, mən bu saat nə qərara gəldim?

– Nə qərara gəlmisən, dostum?

– Karl İvanıçı uşaqlarla birlikdə aparıram. Arabada yer var, uşaqlar ona, o da uşaqlara öyrəşib, ildə 700 manat isə elə bir şey deyil.

– Çox şadam, – anam dedi. – Onun da, uşaqların da yerinə çox şadam. O, yaxşı qocadır.

Karl İvanıç əlində kağız içəri girəndə bizim evdə gördüyü bütün ədalətsizlikləri atamın hüzurunda bəlağətlə ifadə etmək, ürəyini boşaltmaq niyyətindəymiş; lakin «Uşaqlardan ayrılmaq məni çox kədərləndirəcəkdir» deyəndə tamamilə çaşmış, səsi titrəmiş və dama-dama yaylığını cibindən çıxarmalı olmuşdu.

O, ağlaya-ağlaya demişdi:

– Bəli, Pyotr Aleksandrıç, mən uşaqlara o qədər isinişmişəm ki, onlarsız qala bilmərəm. Yaxşısı budur, sizə maaşsız qulluq edim.

Atam əlini onun çiyninə vurmuşdu:

– Siz kədərlənirsiniz, ancaq sizdən ayrılmaq mənim üçün daha kədərlidir. Mən fikrimi dəyişmişəm.

Şam yeməyinə az qalmış Qrişa içəri girdi. O vidalaşmağa gəlmişdi, sabah səhər yoluna davam edəcəkdi. Mən Volodyaya göz vurub dedim ki, əgər Qrişanın zəncirlərinə baxmaq istəyirsənsə, gedək anbarda gizlənib onu güdək. Oradan hər şeyi görərik. Volodya gedib qızları çağırdı və biz yuxarı çıxdıq.

Qaranlıqda qorxumuzdan bir-birimizə sığınmışdıq. Qrişa bizdən sonra içəri girdi. Dua oxuya-oxuya əsasını bir küncə qoyub soyunmağa başladı. Sonra çarpayının hər tərəfinə xaç çəkdi, köynəyinin altındakı zəncirlərini düzəltdi.

Anbara girəndə şənlənib güləcəyimi güman etmişdim, lakin bunun əvəzində ürəyimin kədərlə çırpındığını hiss etdim. Çünki Qrişa otağa girəndən dua edir, hönkürtü ilə ağlayırdı.

O zamandan çox keçib, bir çox xatirələr öz mənasını itirərək dumanlı xəyallara çevrilib, hətta dərbədər düşmüş Qrişa da özünün son səyahətini çoxdan başa vurub. Ancaq onun məndə oyatdığı təəssürat xatirəmdə daim yaşayacaqdır.




Natalya Savişna


Keçən əsrin ortalarında Xabarovka kəndinin həyətlərində əynində sadə paltarı olan ayaqyalın, lakin şən, kök və qırmızıyanaq bir qız oynayırdı. Onun adı Nataşka idi. Nataşkanın atası klarnetçalan Savvanın xahişi ilə babam bu qızı nənəmə qulluqçu götürmüşdü. Anam doğulanda isə ona dayəliyi Nataşkaya tapşırmışdılar. Yeni işində çalışqanlığına görə onu həmişə tərifləyib qiymətləndirmişdilər. Lakin diribaş xidmətçi Foka onun kobud, amma sevən qəlbini ovlamışdı. Natalya hətta özü babamın yanına gəlib Fokaya ərə getmək üçün ondan icazə almağa cürət etmişdi. Babam Nataşkanın istəyini nankorluq sayaraq qəzəblənmiş və onu uzaq bir kəndə mal-qaraya baxmağa göndərmişdi. İntəhası, bu qızı heç kəs əvəz edə bilmədiyindən altı aydan sonra əvvəlki vəzifəsinə geri qaytarılmışdı.

O zamandan Natalya dönüb Natalya Savişna olmuş, Fokanı unutmuş, sadəcə, anama dayəlik etməklə məşğul olmuşdu.

Onun anamın yanındakı yerini mürəbbiyə tutanda isə anbarın açarlarını, bütün dəyişəklərin və ərzağın ixtiyarını Natalyaya vermişdilər. O, yeni vəzifəsini eyni səy və məhəbbətlə yerinə yetirirdi.

Ağlım kəsəndən Natalya Savişnanı, onun məhəbbətini, nəvazişini xatırlayıram. Lakin bu məhəbbət və nəvazişi yalnız indi qiymətləndirə bilirəm.




Ayrılıq


Ertəsi gün səhər saat 12-yə işləyəndə bir faytonla araba qapı ağzında dayandı. Bir neçə dəqiqəni son dəfə bir yerdə keçirmək üçün qonaq otağında hamı dəyirmi stolun ətrafına toplaşanda bizi necə kədərli anlar gözlədiyini ağlıma gətirmirdim. Foka otağa daxil olub «Atlar hazırdır» deyəndə anamın titrədiyini və rənginin qaçdığını gördüm, sanki bu xəbər onun üçün gözlənilməz idi.

Hamı ayağa qalxıb sağollaşmağa başladı. Atam anamı qucaqlayıb bir neçə dəfə öpdü. Anamın yaşla dolu gözlərini görəndə çox kədərləndim, ürəyim ağrıdı, hətta onunla sağollaşmaqdansa, qaçmaq istədim. Anam Volodyanı bir neçə dəfə öpdü, bağrına basdı. Nəhayət, mən də anamı qucaqlayıb ona sığınaraq öz dərdimdən başqa heç bir şey haqqında düşünmədən ağladım.

Hamıdan əvvəl faytona sıçrayıb arxa tərəfdə əyləşdim. Atam yanımda oturmuşdu, bir kəlmə də danışmırdı. Mən isə göz yaşlarımı udur, qəhərdən boğulurdum…

Bir qədər getdikdən sonra dönüb arxaya baxmağa cəsarət etdim. Külək anamın başındakı mavi ləçəyi yellədirdi; o, yavaş-yavaş eyvana qalxırdı. Foka qolundan yapışmışdı.

Böyük yola çıxanda kiminsə eyvandan yellədiyi ağ yaylığı gördüm. Mən də öz yaylığımı yelləməyə başladım və elə bil bir az yüngülləşdim.

Üzümdəki göz yaşları hələ qurumamışdı, amma fikirlərim, bəlkə də, əbədi ayrıldığım anamdan çox-çox uzaqda idi. Mən Lyuboçka ilə Katenkanın bizimlə vidalaşarkən necə ağladıqlarını xatırladım. Onlara yazığım gəlirdi. Natalya Savişnaya da yazığım gəlirdi, Fokaya da. Hətta kinli Mimiyə də. Hər şeyə heyifsilənirdim. Bəs zavallı anam? Gözlərim yenə də yaşla doldu, lakin bu, çox çəkmədi.









Uşaqlıq


Bir daha geri qayıtmayacaq xoşbəxt uşaqlıq çağları! Uşaqlıq xatirələrini necə sevməyəsən, necə əzizləməyəsən? Bu xatirələr mənim ruhuma təravət verir. Bəzən doyunca qaçıb yorulduqdan sonra öz hündür kreslonda stol arxasında çay içməyə əyləşirsən; artıq gecdir, gözlərin yumulur, lakin yerindən tərpənmədən oturub ətrafdakı səsləri dinləyirsən. Necə də dinləməyəsən? Anam kiminləsə danışır və onun səsi nə qədər şirin, nə qədər mehribandır. Təkcə bu səs qəlbimə nələr söyləyir!

Ayağa qalxıb ayaqlarını yığaraq kresloda rahatca uzanırsan.

Anam deyir:

– Nikolenka, sən yenə yuxulayacaqsan. Yaxşısı budur, yuxarı qalx.

– Yatmaq istəmirəm, anacan, – deyə ona cavab verirsən. Amma uşaqlara məxsus şirin yuxu göz qapaqlarını örtür. Bir dəqiqədən sonra isə yuxuya gedib ta səni oyadana qədər yatırsan. Bəzən yuxulu-yuxulu hiss edirsən ki, kiminsə zərif əli sənə toxunur; bu əli bircə təmasda tanıyırsan və onu yuxulu-yuxulu tutub bərk-bərk dodaqlarına sıxaraq öpürsən.

– Qalx, mələyim mənim.

Yarıqaranlıq otaqda səssizlikdir; anam lap yanımda oturub, əli üzümdə gəzir, mən onun ətrini duyur, səsini eşidirəm. Bütün bunlar məni qalxmağa, qollarımı onun boynuna dolamağa, başımı sinəsinə sıxmağa və nəfəsim tutula-tutula:

– Ah, sevimli anam, mən səni nə qədər çox istəyirəm! – deməyə məcbur edir.

Anam kədərli bir təbəssümlə başımı əllərinin arasına alır, alnımdan öpərək dizlərinin üstünə qoyur.

– Məni çoxmu istəyirsən? – azacıq susandan sonra soruşur. – Məni həmişə sev, heç bir zaman yadından çıxarma. Əgər anan ölsə, onu yadından çıxarmayacaqsan ki, Nikolenka?

O məni daha da nəvazişlə öpür.

– Bəsdir, ana, yalvarıram, belə danışma! – qışqırıb anamın dizlərindən öpürəm və göz yaşlarım sel kimi axır.

Bundan sonra yuxarı qalxıb ikonaların[7 - İkona – xristian dininə məxsus müqəddəslərin təsvir edildiyi boyakarlıq əsəri] qabağında dayanaraq «Pərvərdigara, atama, anama kömək ol» deyəndə gözəl bir hiss duyursan.

Sonra yorğana bürünürsən, ürəyində bir yüngüllük hiss edirsən, qəlbin işıq və sevinclə dolur, arzular bir-birini qovur. Bəzən bədbəxt hesab etdiyin yeganə insanı – Karl İvanıçı və onun aqibətini xatırlayırsan, ona o qədər acıyırsan ki, gözlərindən yaş axır və düşünürsən: «Allah onu xoşbəxt etsin, Allah mənə imkan versin ki, ona kömək edim. Mən hər şeyi ona qurban verməyə hazıram». Bundan sonra çox sevdiyin çini oyuncağı – dovşan və ya iti pərqu yastığın bir küncünə soxursan. Bir də dua edirsən ki, Allah hamını xoşbəxt eləsin, hamı həyatından razı qalsın, gəzmək üçün sabah hava yaxşı olsun. O biri böyrü üstə çevrilirsən, fikirlərin və arzuların bir-birinə qarışır, üzündəki göz yaşları hələ qurumadan isə sakit, rahat bir yuxuya gedirsən.

Uşaq vaxtı səndə olan o gümrahlıq, o qayğısızlıq, sevmək ehtiyacı və öz gücünə inam haçansa geri qayıdarmı? Bəs o ən gözəl hədiyyə – riqqətdən doğan pak göz yaşları hanı?

Doğrudanmı, həyat mənim qəlbimdə elə ağır izlər buraxıb ki, bu göz yaşları və sevinclər məni əbədi olaraq tərk edib? Doğrudanmı, o illərdən yalnız xatirələr qalıb?




Şeir


Moskvaya köçdüyümüzdən, demək olar, bir ay sonra nənəmin evinin yuxarı mərtəbəsində böyük stolun arxasında əyləşib yazırdım. Mənim qarşımda rəsm müəllimi əyləşmişdi və çalmalı bir türkün qara karandaşla çəkilmiş başına axırıncı düzəlişləri eləyirdi. Türk başı şəkli Volodyanın qara karandaşla çəkdiyi ilk əsəri idi və bu gün – nənəmin ad günündə ona hədiyyə veriləcəkdi.

Nənəmizin ad gününə hədiyyə hazırlamalı olduğumuzu biləndə bu münasibətlə şeir yazmaq fikrinə düşdüm və dərhal iki misra şeir yazıb qalan misraları da tezliklə yazacağıma ümid etdim.

Gözlədiyimin əksinə olaraq nə qədər çalışsam da, o iki misradan başqa heç nə yaza bilmədim. Bizim kitablardakı şeirləri oxumağa başladım, amma bunun da köməyi olmadı. Əksinə, onlar məni istedadsız olduğuma daha çox inandırdı. Karl İvanıçın sevdiyi şeirləri köçürdüyünü bilirdim, odur ki xəlvətcə onun kağızlarını qurdalamağa başladım və deyəsən, özünün yazdığı rusca bir şeir tapdım. Şeirin həssaslığı xoşuma gəldi; onu əzbərlədim və özüm üçün bir nümunə kimi götürməyi qərara aldım. İşlər yaxşı gedirdi. Artıq on iki misradan ibarət şeir hazır idi. Şeirimdə nənəmi təbrik edir, ona uzun ömür, cansağlığı diləyir və belə bitirirdim:

Çalışırıq ona təsəlli verək
Sevimlidir bizə doğma anatək.

Gərək ki, o qədər də pis deyildi, lakin son misra qulağıma çox qəribə gəldi və özümü təhqir olunmuş hesab etdim. «Mən nə üçün «doğma anatək» yazmışam? Axı anam burada yoxdur və onu yada salmaq lazım deyildi. Düzdür, nənəmi çox istəyirəm, ona hörmətim var, lakin o, anam deyil. Bunu nə üçün yazmışam, niyə yalan danışmışam? Nə olsun ki, şeirdir, hər halda, lazım deyildi».

Həmin gün təzə paltarlarımızı geyinib Karl İvanıçın yanına gəldik. O da bizi nənəmizin yanına apardı. Karl İvanıçın əlində özünün düzəltdiyi bir qutu, Volodyanın əlində şəkil, mənim əlimdə şeir vardı.

Nənəm artıq zalda idi, atam da yanında oturmuşdu. Əvvəlcə Karl İvanıç təntənəli sözlərlə təbrik nitqi söyləyib qutunu nənəmə təqdim etdi. Sonra Volodya öz hədiyyəsini verdi və hamının xoşagələn təriflərini qazandı. Mənim də növbəm çatdı. Utandığımdan qulaqlarım od tutub yanır, bədənim tərləyir, yerimdən tərpənmədən bir ayağımı götürüb o birisini qoyurdum.

– Nikolenka, göstər görək nə gətirmisən – qutu, ya şəkil? – atam dedi.

Bürmələyib əzdiyim kağızı əlim titrəyə-titrəyə atama verdim. Lakin səsim mənə tabe olmadığından nənəmin qarşısında dinməzcə dayandım. Gözlədikləri şəkil əvəzinə heç bir şeyə yaramayan şeirimi və «doğma anatək» sözlərini hamının qabağında oxuyacaqları fikri mənə rahatlıq vermirdi. Amma gözlədiyimin əksinə olaraq atam şeiri oxuyub qurtaranda nənəm «Çox gözəldir» deyib alnımdan öpdü.

Bu vaxt:

– Knyaginya[8 - Knyaginya – knyaz arvadı] Varvara İlinişna Kornakova sizinlə görüşmək istəyir! – daim nənəmin karetinin arxasınca gedən iki yekəpər lakeydən[9 - Lakey – nökər] biri zala daxil olub bərkdən ərz etdi.

– Çağırın gəlsin, – nənəm kresloya yayxanaraq dedi.




Knyaginya Kornakova


Knyaginya Kornakova qırx beş yaşlarında alçaqboy, arıq, xasiyyətcə tündməzac bir qadın idi. Əlini öpməsinə, «mənim mehriban xalam» adlandırmasına baxmayaraq nənəmin ondan bir o qədər də xoşu gəlmədiyini sezdim.

– Diqqətinizə görə minnətdaram, mənim əzizim. Knyaz[10 - Knyaz – çar Rusiyasında bəzi zadəgan nəsillərinə nəslən keçən fəxri titul] Mixaylonun gəlməməsini isə anlayıram… Onun işi həmişə çox olur, bir də axı qarı ilə söhbətdən nə zövq ala bilər? – nənəm gileyləndi və knyaginyanın danışmasına imkan vermədən sözünə davam etdi: – Əzizim, uşaqlarınız necədir?

– Allaha şükür, böyüyürlər, oxuyurlar, amma nadincdirlər.

Knyaginyanın söhbətindən məlum oldu ki, uşaqlarını qamçı ilə döyür. Bunu eşidəndə özümü naqolay hiss etdim və düşündüm ki, nə yaxşı onun oğlu deyiləm.

Nənəm yazdığım şeiri ona oxumaq istəyirdi, amma fikrini dəyişib şeiri bürmələyib qutunun altına qoydu. Sanki eşitdiklərindən sonra knyaginyanın belə əsərə qulaq asmağa layiq olmadığını qərara aldı.

– Ah, cavanlarınızla məni tanış etsəniz, – knyaginya bizə baxıb mehribanlıqla gülümsədi.

– Bu, kübar bir gənc olacaqdır, – atam Volodyanı göstərib sonra əlavə etdi: – Bu isə şairdir.

– Şair hansıdır? – knyaginya soruşdu.

Atam fərəhlə gülümsəyib:

– Budur, bu kəkilli balaca oğlum, – deyə cavab verdi.

«Mənim kəkilimin bura nə dəxli, danışmağa başqa söz qəhətdir?» – düşünüb otağın bir küncünə çəkildim.

Gözəllik haqqında mənim qəribə anlayışım var idi – hətta Karl İvanıçı dünyada ən gözəl adam hesab edirdim. Lakin özümün qəşəng olmadığımı çox yaxşı bilirdim, ona görə də xarici görünüşümlə bağlı eşitdiyim hər eyham qəlbimi ağrıdırdı.

Yaxşı yadımdadır ki, bir dəfə nahar zamanı – onda mənim altı yaşım olardı – anam dedi ki, mənim ağıllı gözlərim, qəşəng təbəssümüm var. Lakin atamın gətirdiyi dəlillər qarşısında anam təslim olub çirkin olduğumu etiraf etdi.

– Nikolenka, – atam yanağımı sığalladı, – bil ki, qəşəng olmadığın üçün səni heç kəs sevməyəcək. Buna görə də çalışmalısan ki, ağıllı və mehriban uşaq olasan.

Bu sözlər çirkin olduğuma nəinki məni inandırdı, həm də əmin oldum ki, hökmən mehriban və ağıllı bir uşaq olacağam.

Buna baxmayaraq tez-tez məyus olurdum. Fikirləşirdim ki, mənim kimi yastı burnu, qalın dodaqları, boz rəngli xırda gözləri olan bir adam heç vaxt xoşbəxt ola bilməz. Allaha yalvarırdım ki, möcüzə göstərsin, məni qəşəng bir oğlana çevirsin. Hazırda ixtiyarımda olanları, gələcəkdə malik ola biləcəyim hər şeyi gözəl sifət üçün verərdim.




Knyaz İvan İvanıç


Knyaginyanın israrlarından sonra nənəm şeiri yazdığım kağızı gizlətdiyi yerdən çıxardı və mənə uzatdı ki, oxuyum. Knyaginya şeirə diqqətlə qulaq asdıqdan sonra onun müəllifini təriflərə qərq etdi. Bu təriflər nənəmin ürəyini yumşaltdı və knyaginya ilə fransızca mehriban şəkildə söhbət etməyə başladı. Axırda isə knyaginyanı uşaqları ilə birlikdə axşam yeməyinə çağırdı.

Həmin gün təbrikə gələnlərin ardı-arası kəsilmədi.

Onlardan biri yetmiş yaşlarında olan hündürboy, böyük epoletli hərbi mundir geymiş knyaz İvan İvanıç idi. Knyaz İvanıç öz igidliyi sayəsində hələ çox gənc yaşlarında böyük mənsəb sahibi olmuşdu. Mən gözümü ondan çəkə bilmirdim. Hamının bu adama hörmətlə yanaşması, onu gördükdə nənəmin çox sevinməsi, nənəmlə sərbəst rəftarı məndə knyaza qarşı ehtiram doğururdu. Atam şeirimi İvan İvanıça oxuyanda o məni yanına çağırıb nənəmə beləcə də dedi:

– Xalaqızı, nə bilirsən, bəlkə də, bu uşaq ikinci Derjavin[11 - Qavril Romanoviç Derjavin (1743–1816) – Rusiya dövlət xadimi, şair] olacaq.

Qonaqlar dağılışdılar, atamla Volodya çölə çıxdı. Qonaq otağında knyaz, nənəm və bir də mən qaldıq.

– Bəs bizim sevimli Natalya Nikolayevna nə üçün gəlməyib? – knyaz qəfil soruşdu.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289853) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Lələ – keçmişdə kübar və varlı ailələrdə oğlan uşağının tərbiyəçisi




2


Mürəbbiyə – keçmişdə dövlətli ailələrində uşaqların təlim və tərbiyəsi ilə məşğul olan qadın




3


Eşikağası – keçmişdə imkanlı şəxslərin evində qulluqçuları idarə edən şəxs




4


Müşəmbə – su keçirməmək üçün bir və ya hər iki üzünə xüsusi maddə sürtülmüş parça




5


Poruçik – kiçik zabit rütbəsi




6


Konsert – orkestrin müşayiəti ilə bir musiqi aləti tərəfindən ifa olunmaq üçün yazılmış musiqi əsəri




7


İkona – xristian dininə məxsus müqəddəslərin təsvir edildiyi boyakarlıq əsəri




8


Knyaginya – knyaz arvadı




9


Lakey – nökər




10


Knyaz – çar Rusiyasında bəzi zadəgan nəsillərinə nəslən keçən fəxri titul




11


Qavril Romanoviç Derjavin (1743–1816) – Rusiya dövlət xadimi, şair



Lev Tolstoyun ilk irihəcmli əsəri sayılan “Uşaqlıq” povestində çoxlarının uşaqlıq illərində yaşadığı müxtəlif psixoloji təcrübələrin (ilk sevgi, ədalətsizlik, insanlar arasında ziddiyyətlər və s.) ustalıqla əks olunub.

Как скачать книгу - "Uşaqlıq. Yeniyetməlik…" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Uşaqlıq. Yeniyetməlik…" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Uşaqlıq. Yeniyetməlik…", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Uşaqlıq. Yeniyetməlik…»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Uşaqlıq. Yeniyetməlik…" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги серии

Книги автора

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *