Книга - Şerlok Homs və doktor Vatson

a
A

Şerlok Homs və doktor Vatson
Artur Konan Doyl


Dünya ədəbiyyatından seçmələr
Roman məşhur xəfiyyə Şerlok Holmsun doktor Vatsonla tanışlığı ilə başlayır. Londondakı iki müəmmalı ölüm isə bu tanışlığı dostluğa çevirir. Məlum olur ki, hər iki ölüm əslində qətldir…








Artur Konan Doyl

Şerlok Holms və doktor Vatson








© Altun kitab MMC – 2022

www.altunkitab.az (http://www.altunkitab.az/)









Hissə I





Birinci fəsil

Cənab Şerlok Holms


1878-ci ildə London universitetini bitirib həkim ixtisasına yiyələndikdən sonra xüsusi hərbi cərrahlıq kursu keçdim. Kursu başa vuran kimi məni İngiltərə ordusunun beşinci atıcı alayına cərrah assistenti təyin etdilər. Həmin vaxt alay Hindistanda idi. Odur ki mən oraya yollandım. Elə bu vaxt İngiltərə ilə Əfqanıstan arasında ikinci müharibə başladı. Hindistana çatdıqda isə alayımızın düşmən mövqelərinə doğru artıq xeyli irəlilədiyini eşitdim. Ona görə də digər yeni zabitlərlə birgə alayımızın arxasınca yollandıq. Nəhayət, Qəndəharda hərbçi yoldaşlarımıza qoşulduq. Bundan sonra dərhal yeni vəzifəmin başına keçdim.

İntəhası işlər arzuladığım kimi getmədi. Çoxuna yüksəliş və hörmət gətirən yeni vəzifəm mənə uğursuzluq və bədbəxtlikdən savayı heç nə vermədi. Müharibənin taleyində həlledici rol oynayan Mayvand döyüşü[1 - Mayvand döyüşü – İkinci İngiltərə-Əfqan müharibəsi (1878–1880) zamanı baş vermiş döyüş. Həmin döyüşdə ingilislər məğlub olmuşdular.] zamanı kürəyimdən güllə yarası aldım. Əgər çaparımız Mürrey özünü vaxtında yetirib məni atın tərkində aradan çıxartmasaydı, yəqin ki, əsir düşəcəkdim. Əsirlikdə başıma gələcəkləri isə təsəvvür belə etmək istəmirəm…

Uzun sürən məşəqqətli yolçuluq məni tamam əldən salmışdı. Üstəlik, kürəyimdəki yaranın ağrıları azalmaq bilmirdi, odur ki digər yaralılarla birgə əsas hospitala göndərildim. Müalicədən sonra tədricən özümə gəlməyə başladım. Hətta qalxıb gəzişir, arabir havamı dəyişmək üçün eyvana çıxırdım. Bu zaman növbəti bədbəxtlik baş verdi: Hindistanda tüğyan edən yatalaq xəstəliyi məni də yaxaladı. Vəziyyətim o qədər ağır idi ki, hətta həkimlər sağalacağıma inanmırdılar. Bununla belə, ölümün cəngindən qurtula bildim. Bu müddətdə lap zəiflədim, ayaq üstə zorla dayanırdım. Ona görə də həkimlər mənim təcili İngiltərəyə qayıtmağımı məsləhət bildilər. “Orontes” adlı hərbi gəmi ilə yola düşdüm və bir ay sonra mənzilbaşına – İngiltərənin bir əyalət şəhərinə çatdım. Sağlamlığımı itirmişdim, ancaq ingilis hökumətinin qayğısı altında təxminən doqquz ay sonra tamamilə özümə gəldim.

Həmin şəhərdə yaxın dostum, yaxud qohumum yox idi, gündəlik on bir şillinq[2 - Şillinq – Böyük Britaniya Birləşmiş Krallığında milli pul vahidi olan funt-sterlinqin 1/20-nə bərabər ingilis pulu] altı penslə[3 - Pens – bəzi ölkələrdə xırda pul vahidi] dolanmaq məcburiyyətində qalmışdım. Düşdüyüm girdabdan qurtulmaq üçün ölkədəki bütün avaraların, səfillərin can atdığı nəhəng “zibil yeşiyinə” – Londona getdim. Bir müddət paytaxtda, Strend yaxınlığındakı mehmanxanada yaşayaraq cibimdəki pulları xərcləyib qurtardım. Axırda maddi vəziyyətim lap ağırlaşdı. Seçim qarşısında qalmışdım – ya paytaxtdan qaçıb kəndlərin birində başımı girləməli, ya da həyat tərzimi kökündən dəyişməli idim. Axırda ikinci variant üzərində dayandım. Əvvəlcə mehmanxanadan çıxıb özümə münasib qiymətə kirayə ev tapmalı idim.

Bu qərara gəldiyim gün gözlənilməz hadisə baş verdi: Kriterion barında kimsə əlini qəfildən kürəyimə vurdu. Geri çevrildim. Qarşımda bir vaxtlar yanımda feldşer işləmiş gənc Stemford dayanmışdı. Tənhalığa məhkum olmuş birinin ucsuz-bucaqsız Londonda tanış sima görməsi necə də xoşdur! Əvvəllər Stemfordla düz-əməlli yoldaşlıq etməmişdik. Buna baxmayaraq, onunla qarşılaşdığıma görə çox sevindim; elə o da mənə hədsiz mehribanlıq göstərdi. Mən onu qəhvəaltıya dəvət etdim və biz vaxt itirmədən faytona minərək restorana getdik.

– Bu nə kökdür düşmüsünüz, cənab Vatson? – fayton London küçələri ilə şütüməyə başlayan kimi Stemford marağını gizlədə bilməyərək soruşdu. – Arıqlayıb çöpə dönmüsünüz, rənginiz isə limon kimi saralıb!

Mənzilbaşına çatdığımızdan mən başıma gələnləri danışmağa macal tapmadım. Bununla belə, Stemford çox çətin günlər yaşadığımı anlamışdı. Odur ki halıma acıyaraq dedi:

– Təəssüf! Bəs indi neyləmək fikrindəsiniz?

Cavab verdim:

– Kirayə ev axtarıram. Ucuz qiymətə mənzil tapacağıma ümid eləyirəm.

– Qəribədir, eyni sözləri bu gün ikinci dəfədir ki, eşidirəm.

– Birinci kimdən eşitmisiniz?

– O, xəstəxanamızın kimya laboratoriyasında işləyən cavan bir kişidir. Bu səhər gileylənirdi ki, özünə münasib mənzil tapıb, lakin ev yoldaşı olmadığından kirayə haqqını ödəməkdə çətinlik çəkir. Ona görə də həmin mənzildən çıxıb ucuz qiymətə kirayə ev tapmaq istəyir.

– Əladır ki! – sevincək səsləndim. – Əgər, doğrudan da, kirayəpuluna və digər xərclərə şərik axtarırsa, mən hazır! Tək yaşamaqdan bir şey çıxmaz!

Söhbətimizi qəhvəaltıda davam etdirdik. Gənc Stemford şərab stəkanını qaldırıb təəccüblə üzü-mə baxdı.

– Axı siz heç Şerlok Holmsun kim olduğunu soruşmadınız, – o dedi, – bəlkə, onunla eyni mənzildə yaşamaq istəməyəcəksiniz!

– Niyə? Yəni o qədər pis adamdır?

– Pis deyə bilmərəm. Bir az qəribəlikləri var, vəssalam! Kimya ilə yanaşı, başqa elmlərə də ciddi maraq göstərir. İnsaf naminə deməliyəm ki, qəribə olduğu qədər də alicənab adamdır.

– Elmlərə maraq göstərməyin nəyi pisdir ki? Görəsən, hansı elmlər onun maraq dairəsindədir?

– Bunu demək çətindir. Əslində, onun nə istədiyindən baş açmıram. Çox gözəl kimyaçıdır. Zənnimcə, anatomiyanı da yaxşı bilir, Ümumiyyətlə, onun elmə marağı sistemsiz və anlaşılmazdır. Bununla belə, öz zəngin bilikləri ilə hətta professorları da heyrətə gətirir!

– Bəs soruşmamısınız ki, elmdə başlıca məqsədi nədir? – mən eşitdiklərimdən hədsiz təəccüblənərək xəbər aldım.

– Soruşmamışam, çünki ondan nəsə qoparmaq asan deyil. Üstəlik, əgər bir şeyə maraq göstərirsə, bunun qarşısını almaq çətin məsələdir.

– Onunla tanışlığa çox şad olardım. Başını aşağı salıb öz işi ilə məşğul olan adamla bir mənzildə yaşamaqdan gözəl nə var?! Hələ o qədər sağalmamışam ki, səs-küyə laqeyd qalım. Əfqanıstanda başıma elə şeylər gəlib ki, ömrümün axırına qədər bəsimdir. Tanışınızla necə görüşə bilərəm?

– Yəqin, indi laboratoriyada olar, – həmsöhbətim dedi. – Bəzən həftələrlə ayağı ora dəymir, bəzən isə günlərlə səhərdən axşama qədər laboratoriyada eşələnir. İstəsəniz, qəhvəaltıdan sonra ora gedə bilərik.

– Əlbəttə, istəyirəm, – mən bunu deyib rahat bir nəfəs aldım. Sonra söhbətin mövzusunu dəyişdik. Lakin qəhvəaltını bitirib laboratoriyaya getmək üçün yola düzələrkən söhbət yenə də Şerlok Holmsun üzərinə gəldi.

– Birdən yola getməsəniz, məndən inciməyin ha, – Stemford dedi, – mən onu ancaq laboratoriyada işləyərkən təsadüfən görüb tanmışam. Ona görə də Şerlok Holmsla ev yoldaşı olub-olmayacağınıza özünüz qərar verin ki, sonra arada mən pis olmayım.

– Yola getməsək, papağımı götürüb evdən çıxaram, heç bir problem yoxdur, – sakitcə dedim. – Stemford, belə görürəm, siz nədənsə ehtiyat eləyib indidən özünüzü sığortalamaq istəyirsiniz. Yoxsa, həmin cavan oğlanın xasiyyəti sizi narahat eləyir? Tanrı xatirinə, açıq danışın.

– Siz məndən izaholunmaz bir şeyin izahını tələb edirsiniz, – deyə Stemford gülümsündü. – Neynək, çalışaram daha açıq danışım. Məsələ burasındadır ki, Şerlok Holms elmlə həddən çox maraqlanır, hətta bu artıq onun ağlını başından alıb. Bir də baxırsan ki, bir dostuna təzə kəşf edilmiş bitki tərkibli alkaloid[4 - Alkaloid – güclü fizioloji təsiri olan azot tərkibli üzvi maddə] vurur, lakin bunu pis məqsədlə eləmir. Sadəcə, onun davranışlarını müşahidə edib hansısa nəticəyə gəlmək istəyir. Ədalət xatirinə deməliyəm ki, məncə, o özünə də həmin iynədən vurur.

– Nə deyim, doğrudan, qəribədir… – mən eşitdiklərimə çox təəccübləndim.

– Hə, bir məsələ də var… Hərdən anatomiya otağındakı cəsədləri çubuqla döyəcləyir. Yəqin, mənimlə razılaşarsınız ki, bunun özü də normal hərəkət deyil.

– Cəsədləri döyəcləyir? – mən daha da təəccübləndim.

– Hə… Guya bununla bilmək istəyir ki, insan öləndən sonra bədəndə qançır yerləri qalır, ya yox.

– Bəs deyirsiniz, o, həkim olmaq fikrində deyil? Elə isə, bütün bunları bilmək onun nəyinə lazımdır?

– Bəli, məncə, Şerlok Holmsun həkimlik niyyəti yoxdur. Bütün bu hoqqaların həkimliklə nə əlaqəsi? Düzü, cavab vermək çətindir. Hər halda, onun ağlından keçənləri təkcə Tanrı bilir. Nə isə, gəlib çatdıq. Qalanını öz aranızda danışıb ayırd eləyərsiniz.

Dar dalanı keçib balaca qapıdan nəhəng xəstəxana binasına bitişik tikiliyə girdik. Burada hər şey mənə tanış olduğundan bələdçiyə ehtiyac duymadım. Alaqaranlıq daş pillələri qalxıb hər iki tərəfində qəhvəyi taxta qapılar olan uzun dəhlizlə addımladıq. Lap axıra çatanda alçaq tağlı başqa bir dəhlizə keçdik – bura bizi kimya laboratoriyasına aparırdı.

Bu hündür tavanlı otaqdakı rəflər müxtəlif dərman şüşələri və məhlullarla dolu idi. Hər tərəfə alçaq, lakin uzun stollar qoyulmuşdu. Sıx-sıx düzülmüş distillə[5 - Distillə – mayeləri qaynadaraq əsas tərkib hissələrinə ayırmaqla təmizləmə, saflaşdırma] cihazları, tıxaclar[6 - Tıxac – şüşə və s. bu kimi boğazlı qabların ağzını və ya müxtəlif cihazların deşiklərini qapamaq üçün dairəvi mantar, yaxud başqa şey; probka], yanarkən mavi alov dilimləri çıxaran spirt lampaları diqqət çəkirdi.

Laboratoriyanın uzaq küncündə cavan bir oğlanın başı diqqətlə gördüyü işə qarışmışdı. İçəridə ondan başqa kimsə yox idi. Oğlan addım səslərimizi eşidən kimi başını qaldırıb yerindən qalxdı. Sevincək çığırıb əlindəki tıxacla üstümüzə gələ-gələ dedi:

– Tapdım ey, tapdım! Axır ki, təkcə hemoqlobinlə çökdürülə bilən reaktivi[7 - Reaktiv – burada: başqa maddə ilə birləşəndə xüsusi reaksiya əmələ gətirən və bununla da onun tərkibini müəyyənləşdirməyə imkan verən maddə] tapdım!

Oğlan o qədər xoşbəxt idi ki, məncə, istənilən başqa bir adam hətta qızıl yatağı tapsaydı belə, sifəti sevincdən bu qədər alışıb-yanmazdı!

Stemford bizi bir-birimizə təqdim etdi:

– Doktor Vatson, bu, cənab Şerlok Holmsdur.

Holms mənimlə mehribancasına görüşdü.

– Salam! – deyə o, qeyri-adi bir güclə əlimi sıxdı. – Deyəsən, Əfqanıstanda olmusunuz.

– Haradan bildiniz? – mən heyrətlə soruşdum.

– Boş şeydir, – o, gülümsünməklə kifayətləndi.

– Lakin hemoqlobin… Hə, bax bu, başqa məsələdir. Yəqin, kəşfimin mahiyyətini dərk eləyirsiniz?

– Kimyəvi təcrübə kimi maraqlıdır, – mən cavab verdim, – ancaq praktik cəhətdən…

– Aman Tanrım! – Şerlok Holms heyrətlə səsləndi və düz gözlərimə baxaraq dedi, – bu, son onillərdə məhkəmə tibbi ekspertizası sahəsində edilmiş ən mühüm kəşfdir. Başa düşmürsünüz, bununla qan ləkəsini səhvsiz müəyyən eləmək mümkündür. Buraya gəlin! – Holms səbirsizliklə qolumdan yapışıb məni işlədiyi masanın yanına apardı. – Bir az təzə qan götürək, – o belə deyib uzun bir iynə ilə barmağını deşdikdən sonra pipetka ilə oradan bir damcı qan götürdü. – İndi bu qanı bir litr suda həll eləyəcəyəm. Baxın, su demək olar, təmizdir. Həcminə görə qanın miqdarı suda birin milyona nisbəti qədərdir. Buna baxmayaraq, əmin ola bilərsiniz ki, reaksiya alınacaq. – Holms sözünü bitirib şüşə qaba bir neçə ağ kristal ataraq üzərinə də şəffaf məhlul əlavə etdi. Qabdakı qatqı həmin an solğun-qırmızı rəng aldı. Qabın dibində qəhvəyi çöküntü əmələ gəldi. – Ha, ha! – yeni tanışım hədiyyə almış uşaq kimi sevinclə əl çaldı. – İndi sözünüz nədir?

– Məncə, bu, çox güclü reaktivdir, – mən dedim.

– Möcüzədir, möcüzə! Qan kürəciklərini mikroskop altında müəyyən eləmək üçün dəmirağac qətranı ilə aparılan əvvəlki üsul etibarsız və çətindir. Əgər qan bir neçə saat əvvəl axıbsa, bu üsul öz mənasını tamam itirir. Mənim kəşf elədiyim reaktiv üçün isə qanın təzə olub-olmaması fərq eləmir. Belə bir kəşf əvvəldən edilsəydi, indi cinayətkarların çoxu əl-qolunu sallayıb azadlıqda gəzməzdi.

– Maraqlıdır! – mən donquldandım.

– Cinayətlərin açılması zamanı qəribəliklər ortaya çıxır. Bəzən şübhəli şəxsin üst-başına baxış keçirərkən qəhvəyi və ya bənövşəyi rəngdə ləkə tapırlar. Lakin bilmirlər ki, bu qandır, adi palçıqdır, pas ləkəsidir, meyvə şirəsidir, nədir. Əksər ekspertlər məhz buna görə əməlli-başlı əziyyət çəkirlər, nəticədə qatilin müəyyənləşdirilməsi dalana dirənir. Səbəb nədir? Etibarlı reaktiv yoxdur. Lakin artıq Şerlok Holmsun kəşf etdiyi reaktiv var, deməli, bütün çətinliklər arxada qalıb!

Holms danışdıqca gözləri parıldayırdı. Sözünü bitirdikdə isə o, əllərini sinəsinə qoyub tamaşaçı alqışları altında təzim edirmiş kimi başını tərpətdi.

– Sizi təbrik eləmək olar, – onun şövqlə söylədiyi fikirlərdən heyrətlənərək dedim.

– Bir il əvvəl Frankfurtda fon Bişofun cinayət işi niyə düyünə düşmüşdü? Əmin olun ki, əgər orada mənim üsulumdan xəbərdar olsaydılar, əsla ilişməzdilər. Bradfordlu Mezonun, ya da Lefrdə məşhur Müllerin işində olduğu kimi!

– Cənab Holms, siz cinayətlər tarixinin canlı xronikasısınız. Hətta xüsusi qəzet də buraxa bilərsiniz. Həmin qəzetin adını isə, məsələn, belə qoymaq olar: “Keçmişin polis xəbərləri”.

Barmağındakı yaraya plastır bağlayan Şerlok Holms bu sözlərdən daha da qürurlandı və təntənə ilə əlavə etdi:

– Haqlısınız. Belə bir qəzeti hamı böyük maraqla oxuyardı, – o bunu dedikdən sonra ani susdu, ardınca üzünü mənə çevirərək gülümsədi və əlavə etdi: – Mənim işim ciddiyyət və məsuliyyət tələb edir. Odur ki ehtiyatlı olmaq lazımdır.

Bu zaman gözlərim Holmsun əlinə sataşdı, onun barmaqlarında zəhərli turşuların buraxdığı izləri, plastrları gördüm.

Stemford üçayaqlı hündür kətildə oturub çəkməsinin ucu ilə digər kətili mənə doğru itələyərək Holmsa dedi:

– Gələk əsas məsələyə… Holms, sizə işimiz düşüb. Dostum özünə kirayə ev axtarır. Ondan bu barədə eşidəndə dərhal sizi xatırladım. Axı siz mənə demişdiniz ki, özünüzə ev yoldaşı axtarırsınız.

Deyəsən, Holmsun xoşuna gəlmişdim, çünki o, tərəddüd etmədən razılaşdı.

– Hə, Beyker-stritdə bir evə baxmışam. Məncə, ikimizə də uyğun gələr, – Holms belə dedikdən sonra üzünü yenidən mənə çevirdi:

– Yəqin, kəskin tütün qoxusuna etiraz etməzsiniz.

Sakit cavab verdim:

– Özüm də çəkirəm.

– Lap əla. Adətən evdə bəzi kimyəvi məhlullar saxlayıram, çünki hərdən təcrübələrimi qaldığım otaqda davam etdirirəm. Belədə sizə mane olmaram ki?

– Qətiyyən.

– Bir dəqiqə, görüm başqa nə çatışmazlığım var. Hə… Arabir özümə qapanıb günboyu bir kəlmə də kəsmirəm. Bilməlisiniz ki, bunda sizlik bir şey yoxdur. Xasiyyətim belədir. Həmin vaxtlarda mənə fikir verməyin, vəssalam! Qaraqabaqlığım özü keçib gedəcək. İndi isə siz döşəyin gəlsin. Şərti şumda kəsək ki, sonra xırmanda yabalaşmayaq.

Mən gülümsəyərək dedim:

– Haqlısınız… Bir küçüyüm var, buldoqdur. Etiraz etməsəniz, bizimlə qalacaq. Əsəblərim qay-dasında olmadığından səs-küy götürmürəm. Günortaya qədər yatağımda qurdalana bilərəm. Bir sözlə, tənbəlin yekəsiyəm. Başqa bir-iki çatışmazlığım da var, lakin hələlik ən vacibi bunlardır.

– Bəs skripkada çalmaq necə, bu da səs-küy hesab olunur?

– Baxır necə çalırlar. Yaxşı ifa Tanrının lütfüdür, pis isə…

– Onda qəti qorxusu yoxdur, – Holms sevincək gülümsədi. – Məncə, razılaşdıq. Bircə qalır evi bəyənməyiniz!

– Evə nə vaxt baxa bilərik?

– Sabah günorta bura gəlin. Bir yerdə gedib baxandan sonra qalan şeyləri razılaşarıq.

– Danışdıq, sabah günorta görüşərik!

Bundan sonra Holms yenidən öz kimyəvi təcrübəsini davam etdirməyə başladı. Mən isə Stemfordla birlikdə, qaldığım mehmanxanaya yollandım. Yolda qəfil dayanıb ondan soruşdum:

– Qəribədir, görəsən, Holms mənim Əfqanıstandan yenicə gəldiyimi necə bildi?

Həmsöhbətim qeyri-adi bir təbəssümlə üzümə baxıb cavab verdi:

– Bu onun əsas xüsusiyyətlərindən biridir. Holmsun hər şeyi necə bildiyini çox adam öyrənmək istəyir, hətta buna görə bütün var-dövlətindən keçməyə hazır olanlar da kifayət qədərdir.

– Deməli, burada nəsə bir sirr var, – mən əlimi yellədərək ucadan dedim. – Maraqlıdır! Hər halda, bizi tanış elədiyiniz üçün sağ olun. Zənnimcə, insanlığı dərk eləməkdən ötrü insanın özünü anlamaq lazımdır.

– Ən yaxşısı elə Holmsu dərk etməkdir, – Stemford vidalaşarkən söylədi. – Söhbəti uzatmağa gərək yoxdur. Onun necə adam olduğunu tezliklə öyrənəcəksiniz. Lakin mərc qoşuram, siz onu tanıyana qədər o sizin haqqınızda daha çox şey biləcək. Hələlik!

– Hələlik, – mən bunu deyib Stemforddan ayrıldım və mehmanxanaya daxil oldum.

Ancaq bütün fikrim hələ də təzə tanışımın yanında idi…




İkinci fəsil

Nəticə çıxarmaq sənəti


Biz Şerlok Holmsla ertəsi gün, danışdığımız vaxtda görüşdük. Holms məni Beyker-strit, 221 ünvanındakı mənzilə apardı. Mənzil üç otaqdan ibarət idi. Bunlardan ikisi yataq, digəri isə geniş, işıqlı, iki pəncərəsi olan qonaq otağı idi. Əşyalarla tam təchiz edilmiş otaqlar ürəyimizə yatdı. Kirayə haqqı münasib olduğundan dərhal razılaşdıq və buraya köçməyə qərar verdik.

Elə həmin axşam mehmanxanadakı əşyalarımı götürüb təzə mənzilimə daşındım. Səhəri gün isə Şerlok Holms da bir neçə yeşikdən və portfellərdən ibarət şey-şüyləri ilə öz otağına yerləşdi. Bir-iki gün ərzində əşyalarımızı tamam yerbəyer etdik. Ardınca isə yavaş-yavaş təzə şəraitə uyğunlaşmağa başladıq.

Holms yola gediləsi adam idi. Sakit, intizamlı həyat sürür, çox vaxt axşam saat 10-dan sonra yatır, səhər tezdən, mən hələ yataqda qurdalanarkən qəhvəaltı edir və çıxıb işə gedirdi. Bəzən bütün gününü laboratoriyada, bəzən isə anatomiya kabinetində keçirirdi. Hərdən fikirli halda gəzə-gəzə Londonun ən ucqar yerlərinə gedib çıxırdı. Başı işə qarışanda ətrafı tamam unudurdu. Evə gəldikdə isə elə hey ağlında nəsə götür-qoy edir, saatlarla tərpənmədən qonaq otağındakı divanda səssizcə oturub düşünürdü. Belə vaxtlarda onun gözlərindəki xəyalpərəstlik məni heyrətə gətirirdi. Şerlokun özünəməxsus həyat tərzi barədə bilməsəydim, hansısa bihuşedici maddə qəbul etdiyini düşünərdim…

Həftələr bir-birini əvəzləyir, mən isə Holmsu daha yaxından tanımağa can atırdım. Xüsusilə onun həyatdakı amalını öyrənmək istəyirdim.

Ev yoldaşımın xarici görünüşü istənilən adamın diqqətini dərhal cəlb edə bilərdi. Boyu altı futdan[8 - Fut – ingilis ölçü sistemində təxminən 30 sm-ə bərabər uzunluq vahidi] artıq idi, lakin yeriyərkən bundan da ucaboy görünürdü. Özünə qapandığı vaxtlar istisna olmaqla, daim iti və kəskin baxışlarını sezmək olurdu. Uzunsov qartal burnu sifətinə qətiyyətli ifadə verirdi. Kvadratşəkilli, bir qədər irəli çıxmış çənəsi də elə qətiyyətli xarakterinin başqa bir ifadəsi idi. Əllərində həmişə mürəkkəb və müxtəlif kimyəvi maddələrin ləkəsini görmək olardı. Baxmayaraq ki, onun kimyagər alətləri ilə necə həssas davrandığına dəfələrlə şahidlik etmişdim.

Ola bilsin, bu adama hədsiz marağım oxuculara qəribə görünür. Lakin Holmsun həyat tərzinə bələd olan hər kəs, əminəm ki, məhz mənim kimi davranardı. Üstəlik, nəzərə alın ki, həmin dövrdə günlərim olduqca yeknəsəq, darıxdırıcı keçirdi, ətrafımda beynimi məşğul edəcək çox az şey var idi. Ona görə də birdən-birə Holms kimi maraqlı bir adamla qarşılaşmağımın məndə yaratdığı sevinc və həyəcanı anlamaq çətin deyil.

Əslində, ev yoldaşım elmlə bir o qədər də həvəslə məşğul olmurdu. Stemford da məhz belə fikirləşirdi, hətta Holmsun özü bir dəfə bunu təsdiqləmişdi. Elə mən də onun davamlı şəkildə elmi ədəbiyyat oxuduğunun, elm dünyasının qapılarını açmağa ciddi cəhd göstərdiyinin şahidi olmamışdım. Bu azmış kimi, o bəzi elmi suallara könülsüz halda cavab tapmağa çalışırdı. Di gəl işə girişdimi, həvəs və enerjisi heyrətamiz dərəcədə artırdı. Nəsə ciddi bir səbəb olmasa, heç kəs yaddaşını mənasız şeylərlə yükləməz, vaxtını boş yerə itirməz…

Holms çox şey barədə xəbərdar idi və bu, adamı nə qədər heyrətləndirirdisə, onun bir çox mövzulardan məlumatsızlığı da elə bir o qədər təəccüb doğururdu. Müasir ədəbiyyatdan, siyasətdən, fəlsəfədən, demək olar, xəbərsiz idi. Bir dəfə Tomas Karleylin[9 - Tomas Karleyl (1795–1881) – Şotlandiya tarixçisi, satirik yazıçı və publisist. Eyni zamanda filosof və riyaziyyatçı kimi tanınırdı.] adını çəkdim, Holms isə sadəlövhlüklə onun kim olduğunu soruşdu. Ev yoldaşımın Korpenik nəzəriyyəsi, Günəş sistemi haqqında tamamilə məlumatsız olduğunu biləndə isə heyrətdən, ümumiyyətlə, çaşıb qaldım. On doqquzuncu əsrdə yaşayan biri Yerin Günəş ətrafında fırlandığını hələ də bilmirsə, bundan dəhşətə gəlməyəsən, neyləyəsən?!

O anda Holms heyrətdən donub qalmış sifətimə baxıb gülümsəyərək dilləndi:

– Deyəsən, təəccübləndirdim sizi… Verdiyiniz məlumata görə çox sağ olun. Lakin indi vaxt itirmədən bütün bunları unutmağa çalışmalıyam.

– Unutmağa?!

– Bilirsiniz necədir? Məncə, insan beyni balaca, boş çardaq kimidir. Yalnız axmaq adam əlinə keçən zir-zibili oraya yığa bilər, çünki belədə lazım olan şeyləri qoymağa yer tapmayacaq. Həmin gərəkli şeylər, ən yaxşı halda o zir-zibilin içində itib batacaq. Ağıllı adam isə odur ki, bu çardağa nə yığmalı olduğunu yaxşıca götür-qoy eləsin. Belədə çardaqda lazımi şeylər üçün həmişə yer tapılacaq. Mənə inanın, adam təzə bir şeyi öyrənəndə onsuz da köhnədən bildiyi nəyisə unutmalı olur. Buna görə də elə etmək lazımdır ki, gərəksiz şeylər vacib şeyləri sıxışdırıb aradan çıxarmasın.

– Sizi başa düşürəm, lakin günəş sistemindən xəbərsiz olmaq… – Mən ucadan dedim.

– Nəyimə lazımdır? – Holms sözümü kəsərək tələsik dilləndi. – Yaxşı, tutaq ki, dediyiniz kimidir, Yer Günəşin ətrafında fırlanır. Lakin Ayın ətrafında fırlansaydıq, bunun mənim işimə nə faydası olardı?

Mənim gözlərim bir az da böyüdü, üstəlik, ondan hansı iş barədə danışdığını soruşmaq istədim, lakin yeni tanışımın xətrinə dəyəcəyimi düşünüb susdum. Sonra isə Holmsla qısa söhbətlərimizdən nəticə çıxarmağa çalışdım. Deməli, bu adam beynini gərəksiz hesab etdiyi məlumatlarla doldurmaq istəmir. Yalnız o məlumatları unutmur ki, onlardan nə vaxtsa, nə üçünsə yararlanmaq fikrindədir. Hətta bir dəfə ev yoldaşımın vacib, ya da gərəksiz saydığı biliklərin siyahısını müəyyənləşdirməyə çalışdım. Bununla da kifayətlənməyərək qələm götürüb onları özüm üçün qeyd etdim. Axırda siyahını oxuyarkən isə özümü gülməkdən saxlaya bilmirdim. Həmin siyahı ilə sizin də tanış olmağınız pis olmazdı.

Beləliklə, Şerlok Holmsun maraq dairəsi:

1. Ədəbiyyata dair biliklər – sıfır.

2. Fəlsəfəyə dair biliklər – sıfır.

3. Astronomiyaya dair biliklər – sıfır.

4. Siyasi biliklər – kafi.

5. Botanika. Təkcə xanımotunun, tiryəkin və zəhərli bitkilərin xüsusiyyətlərini bilir.

6. Geologiya – əla. Fərqli yerlərə aid torpaqları elə ilk baxışdanca ayırd edir. Hətta bir dəfə gəzintidən qayıtdıqdan sonra balağına sıçramış ayrı-ayrı zığları mənə göstərdi, sonra da bu zığlardan hər birinin Londonun hansı ərazisinə aid olduğunu söylədi.

7. Kimya – mükəmməl.

8. Anatomiya – çox şey bilir, lakin bu bilgilər sistemli deyil.

9. Cinayət xronikası – əla. Az qala, bir əsr qabaq baş vermiş bütün cinayətlərdən xəbərdardır.

10. Skripkada gözəl çalır.

11. Şpaqa və təlim qılıncı ilə mükəmməl davranır. Əla boksçudur.

12. İngilis qanunlarından çox yaxşı baş çıxarır.

Sonuncu bəndə çatdıqdan sonra mən siyahının olduğu kağızı əsəbi şəkildə sobaya atıb yandırdım. “Onun bildiklərini saymaqla qurtarmaz, – ürəyimdə dedim, – lakin nə olsun, anlamaq mümkün deyil, bunlar onun nəyinə gərəkdir. Axı Holmsun peşəsi ilə bildikləri arasında hansı əlaqə var. Yaxşısı budur, başımı boş yerə yormayım!”

Yeni tanışımın skripkada gözəl ifa edə bildiyini yuxarıda söyləmişdim. Lakin burada da onun digər məşğuliyyətləri kimi nəsə qəribəlik vardı. Holmsun skripka üçün xeyli çətin əsərlər ifa etdiyinin şahidi olmuşdum. Məsələn, xahişimi yerə salmayaraq Mendelsonun “mahnıları”nı, digər sevdiyim melodiyaları çalmışdı. Lakin onun tək olanda hər hansı bu cür qəliz melodiya ifa etdiyini eşitməzdin. Holms axşamlar skripkanı dizi üstə qoyur, kürəyini kreslo arxalığına söykəyib gözlərini yumaraq yayı ehtiyatla simlərə sürtürdü. Bu zaman gah kədərli, gah da şən akkordlar ətrafa yayılırdı. Bir sözlə, ilk baxışdan mənə elə gəlirdi ki, onun ifaları əhval-ruhiyyəsindən asılıdır. Lakin zaman keçdikcə ayırd edə bilmirdim ki, söhbət ev yoldaşımın yalnız ovqatından gedir, yoxsa o hansısa qəribə, naməlum, sirli düşüncələrin təsiri altındadır. Əgər səbrimi tarıma çəkən bu cür qarışıq ifalardan sonra o, sümüyümə düşən başqa şeylər çalmasaydı, yəqin, dözə bilməz və Holmsun çalğılarına üsyan edərdim.


* * *

Yeni mənzilə köçdükdən sonra ilk həftə bizi arayıb-axtaran olmadı. Bu səbəbdən də ev yoldaşımın da yaşadığımız şəhərdə mənim kimi tək-tənha olduğunu düşünürdüm. İntəhası, tezliklə yanıldığımı anladım: Holmsun Londonda xeyli tanışı var idi, üstəlik, bu tanışlar cəmiyyətin müxtəlif təbəqələrini təmsil edirdilər. Çox keçmədi ki, sarı, solğun simalı, balacaboy bir nəfər Holmsa baş çəkməyə gəldi. Ev yoldaşım onu mənə cənab Lestreyd kimi təqdim etdi. Bu adam sifətcə siçovulu xatırladırdı, iti, qara gözləri var idi. O, bir həftə ərzində üç-dörd dəfə Holmsun yanına təşrif buyurdu. Bir gün səhər isə zərif, gənc bir qız gəlib yarım saata qədər ev yoldaşımın yanında qaldı. Elə həmin gün yəhudiyə oxşayan başqa bir nəfər də onunla görüşdü. Həmin adamın son dərəcə həyəcanlı olduğu gözümdən yayınmadı. Onun ardınca isə ayağında nimdaş başmaq olan bir qarı gəldi. Qarı getdikdən sonra Holmsun yeni qonağı gur, ağ saçları olan ortayaşlı bir kişi oldu. O da ev yoldaşımla nə barədəsə xeyli söhbət etdi.

Holmsun növbəti qonağı velvet parçadan gödəkcə geyinmiş bir nəfər oldu. O, görünüşcə dəmiryol vağzalındakı yükdaşıyanları xatırladırdı.

Hər dəfə bu cür qəribə ziyarətçilər gələndə Şerlok Holms məndən qonaq otağını tərk etməyimi xahiş eləyir, mən də qalxıb sakitcə öz yataq otağıma çəkilirdim. “Vacib görüşlərimi evdə keçirməli oluram, odur ki gərək bağışlayasınız”, – deyə Holms bir dəfə üzrxahlıq edərək izahat verdi. – “Onlar mənim müştərilərimdir”. Mən ondan işi barədə daha ətraflı soruşmaq istədim, ancaq bu dəfə də nəzakət xatirinə susdum. Belə fikirləşirdim ki, ev yoldaşımın öz peşəsini gizli saxlaması üçün kifayət qədər ciddi səbəbləri var. Lakin sonradan Holmsun özü bu barədə ətraflı danışarkən yanlış düşündüyümü anladım..

Martın 14-də – bu tarixi yaxşı xatırlayıram – həmişəkindən fərqli olaraq yuxudan erkən oyanmış və yataqdan çox tez qalxmışdım. Bu zaman Şerlok Holmsun artıq qəhvəaltı etdiyini gördüm. Qulluqçu yuxudan gec oyanmağıma adət etdiyi üçün süfrəyə mənə aid qab-qacaq qoymamış, qəhvə bişirməmişdi. Odur ki masadan bir jurnal götürüb vərəqləməyə başladım. Holms isə həmin vaxt qızardılmış çörək tikəsini ləzzətlə çeynəyirdi.

Vərəqlədiyim jurnaldakı məqalələrdən birinin altından qələmlə xətt çəkilmişdi. Bu, marağıma səbəb oldu və yazını oxumağa başladım.

Məqalənin diqqət çəkən adı vardı: “Həyat kitabı”. Müəllif insanın şahid olduğu şeyləri sistemli və müfəssəl şəkildə müşahidə edərək çox şey öyrənə biləcəyini iddia edirdi. Məncə, müəllifin fikrini nə ağıllı, nə də axmaq mülahizə hesab eləmək olardı, daha çox bu ikisinin qəribə qarışığı idi. Bir çox fikirlər kifayət qədər məntiqli və inandırıcı görünsə də, mənə çox nəzəri və süni təsir bağışladı. Müəllif iddia edirdi ki, üz ifadələrindən, əzələlərin ən xırda hərəkətlərindən, yaxud adi baxışlardan qarşındakı insanın düşüncələrini təxmin etmək olar. Guya müşahidə və təhlil qabiliyyəti güclü olan adamları aldatmaq mümkün deyil. Amma müəllif öz fikirlərini elə bir üslubda ifadə etmişdi ki, onları oxuduqca sənə elə gəlirdi ki, bu fikirlər Evklidin[10 - Evklid (təxm. M.ö. 325 – M.ö. 270) – qədim yunan riyaziyyatçısı. Evklid məşhur "Elementlər" kitabının müəllifidir.] teoremləri kimi aksiomatikdir!

Müəllif yazırdı: “Məntiqlə düşünə bilən insan Atlantik okeanı, yaxud Niaqara şəlaləsini görməsə, bu barədə heç nə eşitməsə belə, onların mövcudluğu ilə bağlı nəticə çıxara bilər. İnsan həyatı – səbəb və nəticələrin uzun zənciridir. Biz insanın təbiətini bu zəncirin halqalarından birini müşahidə edərək də öyrənə bilərik. Nəticə çıxara bilmək və təhlil etmək qabiliyyəti digər bacarıqlar kimi uzun sürən zəhmət tələb edir. Ömür qısa olduğundan heç kəs bu sahədə tam kamillik mərtəbəsinə yüksələ bilmir. Yaxşı olar ki, buna nail olmaq istəyən hər bir kəs bu sahədə yüksək zirvələrə çatmazdan əvvəl, daha sadə məsələlərin həllindən başlasın; məsələn ilk qarşılaşdığı adamı müşahidə edərək onun keçmişini və peşəsini təyin etməyə çalışsın. Bu, ilk baxışdan uşaq oyunu kimi görünə bilər, lakin belə məşqlər müşahidə qabiliyyətinizi gücləndirərək nəyə, necə yanaşmaq lazım olduğunu sizə öyrədəcək. İnsanın dırnaqlarına, paltarının qollarına, ayaqqabılarına, şalvarının dizlərindəki qatlara, baş və şəhadət barmağındakı çıxıntılara, üz ifadəsinə baxmaqla onun peşəsini təxmin etmək mümkündür. Söhbət, əlbəttə ki, səriştəli müşahidəçidən gedir…”

Bu yerdə daha dözə bilmədim və jurnalı masanın üzərinə ataraq ucadan dedim:

– Cəfəngiyyatdır! Ömrümdə belə boşboğazlıqla qarşılaşmamışdım.

Şerlok Holms mənə baxıb təəccüblə soruşdu:

– Nədən danışırsınız?

– Bu məqalədən, – çay qaşığı ilə jurnalı döyəcləyib ev sahibəsinin bir qədər əvvəl gətirdiyi qəhvəaltıya girişdim. – Altından qələmlə xətt çəkilibsə, deməli, onu siz də oxumusunuz. Pis yazılmayıb, buna sözüm yoxdur, lakin belə boş şeylər əsəblərimə toxunur. Görünür, məqalə müəllifi boşboğazın biridir və otağındakı rahat kresloya yayxanaraq belə cəfəng şeylər uydurmağı yaxşı bacarır! Onu hər hansı metro vaqonuna mindirmək, sonra da içəridəki sərnişinləri göstərərək “Hə, buyur tap görək bu adamların peşəsi nədir?” deyə soruşmaq lazımdır! Mərc qoşmağa hazıram, onun mülahizələri heç bir nəticə verməyəcək!

– Uduzarsınız, – Holms sakitcə dedi. Sonra isə eyni sakitliklə əlavə elədi: – Məqaləni mən yazmışam.

– Siz?!

– Bəli. Mənim müşahidə və analiz etmək bacarığım var. Oxuyub əsəbiləşdiyiniz məqalədə bəhs etdiyim və sizə fantastik görünən nəzəriyyə, əslində, həqiqətə çox yaxındır, hətta o qədər yaxındır ki, mən bir parça çörəyimi onun hesabına qazanıram.

– Başa düşmədim, – gözlərimi döyərək ev yoldaşıma baxdım.

– Mənim qeyri-adi peşəm var. Üstəlik, bu sahədə, demək olar, təkəm. Məsləhətçi-xəfiyyəyəm. Söhbətin nədən getdiyini, yəqin, başa düşdünüz, əlbəttə, əgər xəfiyyə işi barədə məlumatınız, azacıq təsəvvürünüz varsa! Londonda xəfiyyələr çoxdur. Onların bəziləri müstəqil, bəziləri isə dövlətə işləyirlər. Həmin xəfiyyələr hər dəfə dalana dirənən kimi mənim üstümə qaçırlar. Onlar işlərinin mahiyyəti ilə bağlı məlumat verirlər, mən də kriminalistikanı[11 - Kriminalistika – məhkəmə sübutlarının (izlər, sənədlər, maddi sübutlar və s.) toplanılıb qeydə alınmasının, tədqiq və tətbiqinin xüsusi üsul, metod və vasitələr sistemini işləyib hazırlayan elm sahəsi] yaxşı bildiyim üçün harada səhv etdiklərini onlara izah eləyirəm. Əslində, bütün cinayətlər eyni kökdən qaynaqlanır, odur ki bir işin üstünü açmaq üçün eyni zamanda minlərlə işin təfərrüatını beş barmağınız kimi bilməsəniz, nəticə çıxarmağınız möcüzə olardı. Cənab Lestreyd tanınmış xəfiyyədir. Bu yaxınlarda bir məsələdə ilişib qalmışdı, kömək üçün yanıma gəldi, mən isə məsləhətimi əsirgəmədim.

– Bəs başqaları?

– Çox vaxt onları yanıma müstəqil xəfiyyə agentliklərindən göndərirlər. Onların hamısının məsləhətə ehtiyacı var. Mən gələnləri dinləyirəm, məsləhətlərimi verirəm, sonra da qonorarımı alıb cibimə qoyuram.

Bu yerdə özümü saxlaya bilməyib soruşdum:

– Yəni demək istəyirsiniz ki, siz otağınızdan çıxmadan hansısa cinayətin üstünü açmaqda peşəkar olan adamlara bir-iki məsləhətlə kömək edə bilirsiniz?

– Bəli, – Holms sakitcə cavab verdi. – Bunda təəccüblü heç nə yoxdur. Mənim qeyri-adi intuisiyam var. Doğrudur, hərdən mənim də çarəsiz vəziyyətdə qaldığım işlər olur. Belə zamanlarda ayaqlarıma əziyyət vermək və evdən çıxmaq, bəzi şeyləri araşdırmaq məcburiyyətində qalıram. Bilirsiniz necədir, mənim hər situasiyaya uyğun xüsusi üsulum var və bu, işimi heyrət doğuracaq dərəcədə asanlaşdırır. Haqqında həqarətlə danışdığınız məqaləmdə irəli sürdüyüm nəzəriyyə də bu üsullardan biridir. Müşahidə qabiliyyəti mənim paralel həyatımdır. Deyəsən, ilk görüşümüzdə Əfqanıstandan gəldiyinizi söyləyərkən sizi yaman təəccübləndirmişdim.

– Məncə, bunu kimsə sizə demişdi…

– Qətiyyən. Bu müşahidəmin nəticəsində gəldiyim qənaət idi. Bəzən başqalarına əhəmiyyətsiz görünən bir detal mənə doğru nəticə çıxarmaq imkanı verir. Sizi ilk dəfə görərkən öz-özümə dedim: “Bu adam, böyük ehtimalla, həkimdir, lakin duruşundan hərbçiyə oxşayır. Deməli, hərbi həkimdir. Tropiklərdən təzəlikcə qayıdıb – sifəti qaralıb, ancaq bu onun dərsinin əsl rəngi deyil, çünki biləkləri ağdır. Əldən düşmüş görünüşü var – ya çox əziyyət çəkib, ya da ağır xəstəlik keçirib. Sol qolundan yaralanıb – çünki həmin qolunu, demək olar, hərəkət etdirmir. Hərəkət etdirərkən isə ağrı çəkir. İndiki vaxtda ingilis hərbi həkimlərinə daha çox harada ehtiyac var? Əlbəttə, Əfqanıstanda!” Bütün bu fikirlər beynimdən cəmi bir neçə saniyədə keçdi. Ona görə də Əfqanıstandan gəldiyinizi deyəndə sizi təəccübləndirdim.

– Maraqlıdır, – gülümsəyərək dedim. – Mənə Edqar Allan Ponun[12 - Edqar Allan Po (1809–1849) – ABŞ yazıçısı, detektiv janrda yazan ilk Amerika yazıçılarından biri. Onun yaratdığı Kavaler Ögüst Düpen isə ədəbiyyatda ilk xəfiyyə obrazı sayılır.] qəhrəmanı Düpeni xatırladırsınız. Mən elə bilirdim, bu cür adamlar ancaq romanlarda olur.

Şerlok Holms qalxıb qəlyanını yandırdı.

– Yəqin, Düpenlə müqayisə edərkən mənə kompliment dediyinizi düşünürsünüz, – ev yoldaşım yenidən sözə başladı. – Məncə, sizin o Düpen çox dardüşüncəli adamdır. On beş dəqiqəlik sükutdan sonra həmsöhbətini “yeri gəlmişkən” ifadəsi ilə çaşdırmağa çalışmaq çox düşük fənddir. Lakin Ponun təqdim etmək istədiyi qədər olmasa belə, onun müəyyən analitik qabiliyyəti var.

– Qaborionun romanını oxumusunuz[13 - Dünyanın ilk detektiv müəlliflərindən sayılan fransız yazıçısı Emil Qaborionun 1866-cı ildə çıxan “Dul qadın Lerujun işi” romanı nəzərdə tutulur.]? Necə bilirsiniz, həmin romanın qəhrəmanı Lekok əsl xəfiyyədir?

Şerlok Holms öncə kinayə ilə gülümsündü, sonra isə acıqla dedi:

– Lekok burnufırtıqlı miskindir. Zəhmətkeşdir, vəssalam. Başqa heç bir bacarığı yoxdur. Ümumiyyətlə isə, Qaborionun romanı ürəyimi bulandırır. Həbsxanaya salınmış cinayətkarın şəxsiyyətini müəyyən eləmək – problemə bax da! Mən bunu vur-tut iyirmi dörd saata bacarardım. Lekok isə budan ötrü, az qala, yarım il eşələnir. Qaborionun kitabını oxuyan kimsə heç vaxt xəfiyyələrlə işləmək istəməz.

Mən ev yoldaşımın sevimli ədəbi qəhrəmanlarımı özündənrazı halda aşağılamağa başladığını görüb əsəblərimi cilovlaya bilmədim. Pəncərəyə yaxınlaşıb arxamı Holmsa çevirərək küçəyə tamaşa etdim. “Yaxşı da, başa düşdük, ağıllı adamsan, – ürəyimdə dedim, – lakin bu qədər də yekəxanalıq olmaz!”

– İndi nə mürəkkəb cinayətlər baş verir, nə də gerçək canilər qalıb, – Holms deyinməyə başladı. – Nə qədər qabiliyyətli olursan ol, bizim peşəmizdə buna dəyər verən yoxdur. Başa düşürəm, hər bir halda şöhrət qazana bilərəm. Dünyada xəfiyyəçilik sarıdan mənim qədər bacarıqlı, çalışqan adam yoxdur və olmayıb. Lakin nə olsun? Üzərində çox baş sındırmalı cinayət yoxdur. Uzaqbaşı hansısa dələduzluq, fırıldaqçılıqla qarşılaşıram. Bunları elə Skotlənd-Yardın[14 - Skotlənd-Yard – London polis idarəsi] əməkdaşları da əlüstü aşkarlaya bilərlər.

Bu cür özündənrazılıq tonu qəti ürəyimdən olmadı. Mövzunu dəyişməyə qərar verdim.

– Maraqlıdır, görəsən, o nə axtarır? – küçənin əks tərəfi ilə tələsmədən addımlayaraq binaların nömrəsinə baxan yekəpər adamı göstərib soruşdum. Adamın əlində iri, mavi zərf vardı, yəqin, qasid idi.

– İstefada olan hərbi dəniz donanması çavuşunu deyirsiniz? – Şerlok Holms sualıma sualla cavab verdi.

“Təkəbbürlü adam! – mən ürəyimdə dedim. – Dəqiq bilirəm ki, bunu öyrənmək mümkün deyil!”

Elə bu zaman həmin adam yaşadığımız evin qapısı üzərindəki nömrəni görüb tələsik küçəni keçərək biz tərəfə gəldi. Öncə bərk tappıltı, ardınca isə kobud bir səs, lap axırda da addım səsi eşidildi. Pilləkənlə ağır-ağır yuxarı, yanımıza qalxan naməlum qonaq əlindəki zərfi ev yoldaşıma uzadıb dedi:

– Cənab Şerlok Holms sizsiniz? Bu məktub sizə çatacaq.

Ev yoldaşımın təkəbbürünü beşiyində boğmaq üçün əlimə yaxşı fürsət düşmüşdü! Axı bir qədər əvvəl o, gələn adamı hərbi dəniz donanmasının istefada olan çavuşu adlandırmışdı. Lakin belə görünür, Holms yanılırdı. Bu çavuş yox, poçt işçisi idi. Hər halda, mən fürsəti fövtə vermək istəmədim və Şerloku pərt eləmək üçün qasiddən mehriban səslə soruşdum:

– Zəhmət olmasa, deyin görək nə işlə məşğul olursunuz?

– Qasidlik eləyirəm, – adam qaşqabaqla cavab verdi. – Formam üzərimdə deyil, çünki dərziyə vermişəm ki, bəzi yerlərinə əl gəzdirsin.

– Bəs əvvəl nə iş görmüsünüz? – mənalı nəzərlərlə Holmsa baxıb yenidən soruşdum.

– Kral ordusunun dəniz qoşunlarında çavuş olmuşam, cənab. – Qasid belə deyib üzünü Holmsa çevirdi. – Cavabı indi yazacaqsınız, yoxsa sonra gəlim? Aydındır, cənab. Sonra gələrəm.

Bundan sonra qasid dabanlarını yerə vurub yüngülcə təzim edərək getdi.




Üçüncü fəsil

Loriston-Qardensin sirri


Ev yoldaşımın nəzəriyyəsi özünü doğrultduqca heyrətim artırdı. Onun istedadı, doğrudan da, hörmətə layiq idi. Amma hərdən də ağlıma gəlirdi ki, bütün bunlar məni təəccübləndirmək üçün əvvəlcədən hazırlanmış bir oyundur…

Şerlok Holms qasidin gətirdiyi məktubu oxuyub bitirdikdən sonra dinməzcə dayandı. Onun dalğın və sönük baxışları gərgin düşüncələrə qərq olmasından xəbər verirdi.

Mən sakitcə soruşdum:

– Necə bildiniz?

Holms qaşqabaqlı halda dilləndi:

– Nəyi?

– Onun istefaya çıxmış hərbi donanma çavuşu olduğunu.

– Boş şeylər barədə danışmağa həvəsim yoxdur, – Holms laqeydliklə cavab verdi. Sonra gülümsəyib əlavə etdi: – Kobudluğuma görə bağışlayın. Fikrimi dağıtdınız, ancaq düz elədiniz… Deməli, bayaqkı adamın keçmişdə çavuş olduğunu anlaya bilmədiniz, doğrudurmu?

– Qətiyyən.

– Mənim üçün isə bunu müəyyənləşdirmək su içimi kimi asandır, izah eləmək isə çox çətin! Təsəvvür eləyin ki, iki dəfə ikinin dörd olduğunu sübut etmək istəyirsiniz. Əslində, sübuta ehtiyac yoxdur, lakin qarşınızdakı adamı inandırmaq üçün xeyli əziyyət çəkməlisiniz. Deməli belə… Qasidə baxarkən onun qolundakı döyməni – iri, göy lövbəri gördüm. Üstəlik, o, hərbçi qaməti ilə gəzirdi, bundan başqa, hərbçilərə xas bakenbardı vardı. Bəyəm bundan sonra hər şey aydın deyilmi!

– Möcüzədir! – mən ucadan səsləndim.

– Eh, boş şeydir, – Holms əlini yellədi. Lakin üz-gözündən aydın hiss olunurdu ki, mənim heyrətim onun ürəyincədir. – Bir az əvvəl dedim ki, indi həqiqi, mahir cinayətkarlar yoxdur. Deyəsən, yanılmışam. Alın oxuyun!

Şerlok Holms belə deyib qasidin gətirdiyi məktubu mənə uzatdı. Mən onu oxuduqdan sonra:

– Qulaq asın, bu ki dəhşətdir! – deyib köks ötürdüm.

– Hə, deyəsən, adi cinayət hadisəsi deyil, – Holms soyuqqanlılıqla söylədi. – Zəhmət olmasa, məktubu bir daha və ucadan oxuyun.

Mən məktubu yüksək səslə oxumağa başladım, orada yazılmışdı:

“Hörmətli, cənab Şerlok Holms!

Bu gecə Brikstoun-rouddakı Loriston-Qardens, 3 ünvanında iyrənc bir cinayət hadisəsi baş verib. Gecə saat iki radələrində polis işçilərimizdən biri növbədə ikən həmin ünvandakı evdə işıq görüb. Binada yaşayış olmadığından bu onu şübhələndirib. Qapı açıq imiş. Əməkdaşımız içəri daxil olduqda ilk olaraq yaxşı geyinib-kecinmiş bir kişinin cəsədini aşkarlayıb. Onun cibindən vizit kart tapıb: “Enox C.Drebber, Klivlend, Ohayo, Birləşmiş Ştatlar”. Cəsədin üzərində heç bir soyğunçuluq, ya da zorakılıq əlaməti aşkar edilməyib. Döşəmədə qan ləkəsi olub, intəhası meyitin üzərində heç bir yara yoxdur. Böyük ehtimalla, cəsəd həmin evə başqa yerdən gətirilib. Lakin başa düşə bilmirik ki, bu necə ola bilər… Bir sözlə, əməlli-başlı ilişmişik. Saat 12-yə qədər gəlsəniz, sizinlə hadisə yerində görüşə bilərik. Gələ bilməsəniz, onda mən işin gedişatı barədə sizə xəbər verərəm. Hər bir halda, fikirlərinizi mənimlə bölüşsəniz, çox şad olaram.

Sizə hörmətlə, Tobias Qreqson”.

Mən məktubu oxuyub bitirdikdən sonra dostum dedi:

– Qreqson Skotlənd-Yarddakı ən bacarıqlı xəfiyyələrdən biridir. O da, Lestreyd də digərlərindən fərqlənirlər. İkisi də diribaş və enerjili adamlardır, lakin heyrət doğuracaq qədər bayağıdırlar. Gözəllik yarışına çıxan qızlar kimi bir-birilərinin paxıllığını çəkir, yola getmirlər. İkisi də eyni vaxtda izə düşsə, bax bu çox maraqlı olardı.

Holms təəccüb doğuracaq şəkildə mızıldanaraq danışırdı. Lakin mən buna bir o qədər də əhəmiyyət verməyib dedim:

– Zənnimcə, bir dəqiqə də vaxt itirmək olmaz. Gedib sizə fayton çağırım?

– Hələ gedib-getməyəcəyimə qərar verməmişəm. Mənim kimi tənbəl yer üzünə gəlməyib. Buna baxmayaraq, tənbəllik üstümə hücum çəkəndə ondan qurtulmağın da yolunu bilirəm.

– Siz ki belə bir mürəkkəb cinayət hadisəsini çoxdan arzulayırdınız!

– Əzizim, bunun mənə xeyri var? Tutaq ki, mən həmin qətlin üstünü açdım. Axı faydasını Qreqsonla Lestreyd görəcəklər, onların şan-şöhrəti artacaq. Mənim məsləhətlərimin həlledici rol oynaması isə kimsənin vecinə olmayacaq.

– Hər halda, sizdən kömək istəyən birindən yardım əlinizi əsirgəməməlisiniz.

– Qreqson ağıllı adamdır, bilir ki, mən onsuz da bu işdən xəbər tutacağam, ona görə də qabaqdangəlmişlik eləyib və özü məlumat verib… Bir halda ki getmək lazımdır, onda bir yerdə gedib görək nə məsələdir.

Bunu deyib Holms həyəcanlı halda paltosunu götürməyə getdi. Tezliklə öz otağından səsləndi:

– Siz isə şlyapanızı götürün.

– Mən də sizinlə gəlim?

– Başqa işiniz yoxdursa, əlbəttə, gəlin.

Bir dəqiqə sonra ikimiz də faytonla üzü Brikstoun-rouda tərəf gedirdik.

Hava tutqun, dumanlı idi. Buna baxmayaraq, yoldaşım kefikök görünürdü. O, yolboyu elə hey kremon skripkalarından[15 - Kremon skripkaları – İtaliyanın Kremon şəhərində istehsal edilən skripkalar] danışır, Stradivariusla Amatinin[16 - Stradivarius (1644–1737) və Amati (1505–1577) – söhbət məşhur italyan skripka ustası Amati və onun davamçısı Stradivariusdan gedir.] skripkaları arasındakı fərqi izah edirdi. Mən isə susurdum: tutqun hava kefimi pozmuşdu, üstəlik, hadisə yerinə yaxınlaşdıqca qanım lap qaralırdı. Nəhayət, onun musiqi tarixi ilə bağlı mühazirəsini kəsib dedim:

– Elə bil bu iş sizi qətiyyən düşündürmür.

Holms tövrünü pozmadan cavab verdi:

– Məsələnin mahiyyətini bilmədən hər hansı fərziyyə irəli sürmək yanlışdır. Ortada vur-tut ölüm hadisəsi var. Biz bunun hətta qətl olub-olmadığı barədə də məlumatsızıq. Odur ki bəri başdan ciddi götür-qoy eləməyə, mülahizələr yürütməyə dəyməz. Bu, işin sonrakı gedişatına pis təsir eləyə bilər..

– Hər halda, bir azdan hər şeyi öyrənəcəksiniz, – mən belə deyib işarət barmağımı irəli uzatdım. – Bu da Brikstoun-roud! Səhv eləmirəmsə, cəsədin tapıldığı evə çatmışıq.

– Doğrudur. Hey, faytonçu, dayanın! – Holms tələm-tələsik səsləndi.

Bundan sonra ev yoldaşımın təkidi ilə nəyə görəsə faytondan enib sonuncu yüz yardı piyada getdik.

Dalanda yerləşən Loriston-Qardens, 3 ünvanındakı binanın vahiməli görünüşü var idi. Elə ilk baxışdan buranın təhlükəli bir yer olduğu qənaətinə gəlmək olardı.

Küçədən bir qədər aralıda ümumilikdə dörd bina var idi: onların ikisində yaşayış olsa da, digər ikisində heç kəs yaşamırdı.Cəsədin tapıldığı bina həmin iki boş binadan biri idi və onun pəncərələri küçəyə baxırdı. Bəzi pəncərələrə üzərində “Kirayə verilir” yazılan kağızlar vurulmuşdu. Binanı küçədən seyrək və quru kolların sarmaşdığı alçaq taxta çəpər ayırırdı. Çəpər boyu dar cığır uzanırdı. Gecə yağış yağdığından ətrafda gölməçələr əmələ gəlmişdi. Küçə boyu isə üstündə taxta barmaqlıq olan üç fut hündürlüyündə kərpic hasar uzanırdı. Ətrafda maraq üçün toplaşan xeyli adam var idi, bir nəfər yekəpər polis onların daha da irəli getməsinə mane olurdu.

Elə bilirdim, hadisə yerinə çatan kimi Şerlok Holms vaxt itirmədən binaya girib təhqiqata başlayacaq. Lakin belə olmadı. Deyəsən, ev yoldaşımın iş prinsipləri tamamilə fərqli idi. O, soyuqqanlı şəkidə irəli-geri addımlayır, ətrafa nəzər salır, dalğınlıqla səmaya baxır, üzbəüz evlərə boylanırdı. Adama elə gəlirdi ki, cəsəd və onun tapıldığı yer Holmsu qətiyyən maraqlandırmır…

Müşahidələrini bitirdikdən sonra ev yoldaşım tələsmədən dar cığırla, daha doğrusu, cığırın kənarındakı otluqla yeriyərək diqqətlə yerə baxmağa başladı. Bu müddətdə Şerlok iki dəfə dayandı; hər dəfə də onun yüngülcə qımışdığını gördüm. Nəmli torpaqda xeyli ayaq izi var idi. Bunların bəzilərinin polislərə aid olduğunu müəyyənləşdirmək hətta mənim üçün belə çətin deyildi. Aydın görünürdü ki, həmin izlər polis çəkmələrinindir. Ümumiyyətlə isə, bu qarışıqlıqda Holmsun diqqətini çəkəcək nəsə olacağını düşünmürdüm. Buna baxmayaraq, ev yoldaşımın ağlına bələd idim və mənim gözümdən yayına biləcək şeyləri onun asanlıqla görə biləcəyinə şübhə etmirdim.

Evin qapısı önündə bizi ucaboylu bir nəfər qarşıladı. Həmin adamın işıqlı siması vardı, saçları kətan rənginə çalırdı, əlində isə qeyd dəftərçəsi gözə dəyirdi. O bizi görən kimi irəli çıxıb Holmsun əlini sıxaraq dedi:

– Yaxşı ki gəldiniz! Heç kəs heç nəyə toxunmayıb, hər şey necə var, eləcə də qalıb.

Bu yerdə Holms cığırı göstərərək razılaşmadı:

– Oradakı izlərdən başqa… Öküz sürüsü keçsə belə, yerdə bu qədər iz qalmazdı! Yəqin, cığırı tapdamamışdan əvvəl oranı diqqətlə təhqiq eləmisiniz.

– Açığı, mənzildə işim çox idi, – xəfiyyə qeyri-müəyyən tərzdə cavab verdi. Aydın görünürdü ki, o, Holmsun iradından pərt olub. – Həmkarım cənab Lestreyd də buradadır. Güman eləyirdim, bu məsələlər onun nəzarətindədir.

Holms mənə baxıb göz vurdu. Sonra ucaboy adama – Qreqsona baxaraq qaşlarını çatıb kinayə ilə dilləndi:

– Siz və Lestreyd kimi peşəkarlardan sonra, yəqin, burada mənlik bir iş qalmaz.

Qreqson ev yoldaşımın istehzasını anlamayaraq özündənrazı halda dedi:

– Hə, deyəsən, nə lazımdırsa, eləmişik. Lakin onu da yaxşı bilirəm ki, mürəkkəb cinayət işlərindən xoşunuz gəlir. Sizi dəvət etməyimin bir səbəbi də budur.

– Bura faytonla gəlmisiniz? – deyə Holms söhbətin istiqamətini dəyişdi.

– Yox, piyada gəlmişik, cənab.

– Bəs Lestreyd?

– O da…

– Elə isə, indi də gedək cəsədin tapıldığı otağa baxaq, – Holms bunu deyib binaya girdi. Qreqson ev yoldaşımın qəribə davranışları qarşısında təəccüblənərək qaşlarını çatdı və onun arxasınca getdi.

Geniş mətbəxə və digər otaqlara aparan dəhliz natəmiz halda idi; aydın hiss olunurdu ki, xeyli vaxtdır silinib-süpürülmür. Sağ və sol tərəflərdə iki qapı vardı. Qapılardan biri, deyəsən, çoxdandır açılmamışdı, çünki cəftəni və açar yerini toz basmışdı. Digər qapı isə cəsədin tapıldığı yemək otağına açılırdı. Holmsun arxasınca mən də həmin otağa daxil oldum. Burada heç bir mebel yox idi, odur ki iri, kvadratşəkilli otaq daha da geniş görünürdü. Parlaq, zövqsüz divar kağızları kifləmişdi. Bəzi yerlərdə kağızlar qopduğundan sarımtıl suvaq izləri görünürdü. Qapı ilə üzbəüz ağ mərmər üzlüklü, üstündə rəf olan soba vardı. Rəfin küncündə bir hissəsi ərimiş şam gözə dəyirdi. Yeganə pəncərədən süzülən zəif işıqda hər şey boz rəngə çalır, yerdən qalxan toz isə buna əlavə çalar qatırdı.

Bütün bunlar bir qədər sonra diqqətimi çəkdi. İlk gördüyüm döşəməyə uzanmış cəsəd olmuşdu. Meyitin donuq, ifadəsiz gözləri tavana dikilmişdi. Bu, 33–34 yaşlarında, enlikürək, qara qıvrımsaçlı, qısa saqqallı kişi cəsədi idi. Onun əynində qalın parçadan tikilmiş jilet, açıq rəngli şalvar və ağ köynək vardı, jiletin üstündən isə pencək geyinmişdi. Azacıq aralıda isə silindr[17 - Silindr – təpəsi hündür, kənarları (dövrəsi) bərk şlyapa] atılıb qalmışdı.

Cəsədin qolları yana açılmış, barmaqları ovcunun içinə sıxılmışdı. Ayaqları əzabdan qıvrılan adamın ayaqları kimi qıvrılmışdı. Sifətində dəhşətli, nifrət dolu bir ifadə donub qalmışdı. İri bədəni ilə uyuşmayan kiçik alnı, yastı burnu və çıxıntılı çənəsi, bir sözlə, yöndəmsiz görünüşü cəsədi qorillaya bənzədirdi.

Həmin vaxtadək mən çox meyit görmüşdüm. Lakin onların heç biri mənə London ətrafındakı boş bir binadan tapılan cəsəd qədər dəhşətli təsir bağışlamamışdı.

Görünüşcə dələyə oxşayan sısqa vücudlu Lestreyd qapıda dayanmışdı. O, Holmsla və mənimlə salamlaşıb dedi:

– Ürəyimə damıb ki, bu hadisə səs-küysüz ötüşməyəcək, cənab. Belə şeylə ilk dəfə qarşılaşıram. Hələ mən köhnələrdənəm…

Qreqson əlavə etdi:

– Üstəlik, əlimizdə heç bir məlumat yoxdur.

– Bəli, yoxdur, – Lestreyd onun fikirlərini təsdiqlədi.

Şerlok Holms cəsədə yaxınlaşdı. Dizi üstə çöküb diqqətlə baxmağa başladı. Sonra isə meyitin ətrafındakı qan izlərini göstərib soruşdu:

– Cəsədin üzərində heç bir yara izi olmadığından əminsiniz?

– Sözsüz! – hər iki xəfiyyə eyni anda cavab verdi.

– Deməli, meyitin yanındakı başqa adamın qanıdır. Əgər bu naməlum kişi öz əcəli ilə ölməyibsə, yəni öldürülübsə, çox güman ki, qan qatilə aiddir. Bu hadisə vaxtilə Utrextdə baş vermiş bir hadisəni, Van Yansenin ölümünü yadıma saldı. Həmin işi xatırlayırsınız?

– Yox, cənab.

– Kriminal xronikaları oxuyun, həm də çox oxuyun, düz sözümdür, oxumağa dəyər. Nə isə… Demək istəyirəm ki, əvvəl də belə cinayətlər olub. Bir sözlə, tanış üsuldur.

Mən Holmsun dediklərindən heç nə anlamadım. Onun barmaqları fasiləsiz olaraq cəsəd üzərində gəzişir, meyitə bəzən astaca, bəzən də bərk toxunurdu. Həmin vaxt ev yoldaşımın gözlərindəki ifadəsizlik isə artıq mənə tanış idi…

Nəhayət, Holms burnunu cəsədin dodaqlarına yaxınlaşdırıb qoxuladı, sonra onun laklı ayaqqabılarının altlığını gözdən keçirdi.

– Cəsədi yerindən tərpətməmisiniz ki? – o, üzünü digər iki xəfiyyəyə tutub soruşdu.

– Yox, – Qreqsonla Lestreyd cavab verdilər.

– Meyiti morqa göndərə bilərsiniz, – Holms dedi. – Daha baxmalı bir şey qalmadı.

Əlində xərək olan dörd nəfər otağın qapısı ağzında hazır dayanmışdı. Qreqson onları çağırdı, adamlar cəsədi xərəyə qoydular. Bu zaman bir üzük döşəməyə düşüb dığırlandı. Lestreyd üzüyü götürüb baxdı.

– Burada qadın olub! – o, qəfildən və heyrətlə çığırdı. – Bu ki qadın nişan üzüyüdür…

Lestreyd sözünü bitirdikdən sonra üzüyü bizə tərəf uzatdı. Çox güman ki, bu qızıl üzük bir vaxtlar təzə evlənən gəlinin barmağını bəzəmişdi. Qreqson dedi:

– Əcəb işdir! Lap tapmacaya bənzəyir.

Holms etiraz etdi:

– Bəlkə, bu üzük hər şeyi asanlaşdıracaq? Cəsədin cibindən nəsə tapılıb?

– Hər şey buradadır, – Qreqson belə deyib bir kənara yığılmış şeyləri göstərərək bir-bir sadalamağa başladı. – Londonun “Baro” firması tərəfindən istehsal olunan 97163 nömrəli qızıl saat. Qızıl zəncir. Üzərində mason emblemi olan başqa bir qızıl üzük. Qızıl sancaq – yaqut gözlü buldoq başı. Vizit kartları və başqa sənədləri yığmaq üçün kisəcik. Kartların üzərində yazılıb: Enox C.Drebber, Klivlend. Yeri gəlmişkən, bu, mərhumun alt paltarındakı E.C.D. nişanı ilə uyğun gəlir. Pulqabı yoxdur, lakin cibindən 7 funt 13 şillinq çıxıb. Bir də, Bokkaççonun[18 - Covanni Bokkaçço (1313–1375) – italiyalı yazıçı və şair. "Dekameron" romanı ilə məşhurdur.] cib kitabı formasında çap edilmiş “Dekameron” əsəri. Kitabın titul vərəqinə “Cozef Stencersona” yazılıb. İki məktub da tapılıb. Biri C.Drebberə, digəri isə Cozef Stencersona ünvanlanıb.

– Ünvan göstərilib?

– Strend, Amerika birjası… Hər iki məktub “Qiyon” gəmiçilik şirkətindən göndərilib və gəmilərin Leverpuldan yola düşəcəyi vaxt yazılıb. Görünür, bu bədbəxt Nyu-Yorka qayıtmağa hazırlaşırmış.

– Stencersonun şəxsiyyətini müəyyən eləməyə başlamısınız?

– Bəli, cənab. Bütün qəzetlərə elan göndərmişəm. Adamlarımdan biri isə Amerika birjasına gedib, lakin hələ qayıtmayıb.

– Klivlendə sorğu göndərmisiniz?

– Səhər teleqram yollamışıq.

– Teleqramda nə yazmısınız?

– Stencersonla bağlı məlumat göndərməklərini xahiş etmişik.

– Başqa heç nə? Sizcə, Drebber barədə öyrənməyə gərək yoxdur?

– Vacib bildiyim hər şeyi soruşmuşam, – Qreqson incik tonla cavab verdi.

Şerlok Holms gülümsədi. Nəsə demək istədi, bu vaxt bayaqdan bəri diqqətlə otağı gözdən keçirən Lestreyd özündənrazı halda, əllərini bir-birinə sürtərək danışmağa başladı:

– Cənab Qreqson, elə indicə mühüm bir şey kəşf eləmişəm! Divarları yaxşıca nəzərdən keçirmək fikri ağlıma gəlməsəydi, yəqin ki, heç nə öyrənə bilməzdik!

Mən fikir verdim ki, Lestreydin gözləri parıldayır. Deyəsən, Qreqsondan cəld tərpəndiyi üçün ürəyində bayram edirdi.

– Buraya buyurun, – Lestreyd bunu deyib bizi divarlardan birinin qarşısına apardı. – Burada dayanın!

O daha sonra kibrit çöpünü alışdırdı və divara yaxınlaşdırdı.

– Baxın! – Lestreyd yenidən təntənə ilə dedi və divar kağızının qopduğu yerdəki suvaq yerini göstərdi. Orada qanla “Rache” yazılmışdı.

Lestreyd tamaşaçı qarşısına çıxmış şoumen kimi lovğalanaraq sözlərinə davam etdi:

– Gördünüz? Qatil hər kimdirsə, bunu öz qanı ilə yazıb. Hətta qan divardan aşağı süzülüb. Döşəmədə də qan ləkəsi var. Qatil nəyə görə buranı seçib, indi onu da deyərəm. Sobanın üstündəki şama baxın. Şübhə eləmirəm ki, həmin şam yanarkən daha çox buranı işıqlandırırmış.

Qreqson etinasızlıqla soruşdu:

– Yaxşı, bəs bu yazının mənası nədir?

– Mənası? İndi deyərəm. Qatil divara qadın adı olan “Reçel” yazmaq istəyib, lakin nəyə görəsə tamamlamağa imkan tapmayıb. Yəqin, kimsə və ya nəsə mane olub. Sözlərimi unutmayın: əvvəl-axır bu işdə Reçel adlı qadının əli olduğu üzə çıxacaq. Nə qədər istəyirsiniz gülün, cənab Şerlok Holms, ancaq mən buna adım kimi əminəm. Doğrudur, siz ağıllı və savadlı adamsınız, ancaq qoca xəfiyyə Lestreyd, hər halda, sizdən bir neçə addım qabaqdadır!

Kinayəli təbəssümü ilə balacaboy adamı qəzəbləndirən Holms dedi:

– Üzr istəyirəm, cənab Lestreyd. Əlbəttə, bu tapıntıya görə sizə təşəkkür etmək lazımdır. Lakin mən hələ otağı gözdən keçirməyə imkan tapmamışam, icazənizlə oraya indi baxmaq istəyirəm.

Bunu dedikdən sonra Holms cibindən ruletka[19 - Ruletka – burada: fırlanan oxa sarınmış ensiz metal lentdən ibarət uzunluq ölçü aləti] və iri, girdə lupa çıxarıb otağın hər tərəfini yaxşıca gözdən keçirməyə başladı. O gah ayaq üstə dayanır, gah da dizi üstə çökürdü. Hətta bir dəfə döşəməyə sərilib bir neçə dəqiqə künc-bucağa baxdı. Holms bütün diqqətini öz işinə cəmlədiyindən bizim otaqda olduğumuzu belə unutmuşdu. Biz hərdən onun donquldandığını, gah təəssüflə, gah da sevinclə mızıldandığını eşidirdik. Mən ev yoldaşımı meşəni dolaşaraq ovun izinə düşmək üçün tələsən yaxşı təlim görmüş tazıya bənzədirdim.

Holms, az qala, iyirmi dəqiqə boyunca otağı gözdən keçirdi. Sonra nəyə görəsə döşəmədəki ayaq izləri arasındakı məsafəni ölçdü. Ardınca isə yenə anlamadığım şəkildə ruletka ilə divarlarda nəyisə ölçüb özü üçün qeyd etdi. Döşəmənin bir tərəfindəki boz külü çimdikləyib yığaraq cibindən çıxardığı zərfə boşaltdı. Axırda da lupanı götürüb divardakı yazıya yaxınlaşdı və hər bir hərfi diqqətlə nəzərdən keçirməyə başladı. Deyəsən, nəticələr ürəyincə idi, çünki ruletka ilə lupanı yenidən cibinə qoyduqdan sonra məmnun halda dilləndi:

– Deyirlər, dahi olmaq həm də kifayət qədər səbirli olmaqdır. Məncə, çox uğursuz kəlamdır, bununla belə, sanki xəfiyyələrin əyninə biçilib.

Qreqsonla Lestreyd öz həmkarlarının hərəkətini sonsuz maraqla izləyirdilər. Görünür, onlar Holmsu hətta mənim qədər də tanımırdılar və buna görə də onun bəzi davranışlarını anlamaqda çətinlik çəkirdilər. Axı ev yoldaşım həmişəki kimi ilk baxışdan əhəmiyyətsiz görünən şeylərə də hədsiz diqqətlə yanaşırdı.

– Fikriniz nədir, cənab? – Qreqsonla Lestreyd eyni vaxtda soruşdular.

– Bu işlə bağlı qalibiyyət çələngini əlinizdən almaq istəməzdim, – Holms dedi. – Odur ki sizə məsləhət vermək fikrində deyiləm. Hər ikiniz çox yaxşı işləyirsiniz, mane olmaq günahdır. – Bu yerdə mən ev yoldaşımın səsində kinayə hiss elədim. O isə eyni qaydada sözlərinə davam edirdi: – Təhqiqatın gedişində hər hansı çətinliklə üzləşsəniz, sizə kömək etməkdən məmnun olardım. Hələlik isə cəsədi tapan polislə görüşüb danışmaq istəyirəm. Mümkünsə, onun adını və ünvanını mənə verin.

Lestreyd qeyd dəftərçəsinə baxıb dedi:

– Həmin polisin adı Condur. Con Rens. O, Odli-kort, 46 ünvanında yaşayır.

Holms ünvanı öz dəftərçəsinə qeyd etdikdən sonra mənə dedi:

– Gedək, doktor. Vaxt itirmədən ona baş çəkək.

Bundan sonra ev yoldaşım üzünü yenidən xəfiyyələrə tutdu:

– Sizə bir şey demək istəyirəm, bəlkə, işin gedişatına kömək eləyər. Mən şübhə etmirəm ki, bu, qətldir və qatil – kişidir. Onun boyu altı futdan bir az hündürdür. Gəncdir. Boyuna görə yekə ayaqları var. Kvadrat burunlu çəkmə geyir, siqar çəkir. O, bura öz qurbanı ilə birlikdə dördtəkərli faytonda gəlib. Fayton üç ayağında köhnə, birində isə təzə nal olan ata qoşulubmuş. Qatil qırmızıyanaq imiş, sağ əlinin barmaqlarında isə uzun dırnaqları olub. Əlbəttə, bunlar xırdalıqlardır, lakin sizə gərək ola bilər.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289913) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes


Примечания





1


Mayvand döyüşü – İkinci İngiltərə-Əfqan müharibəsi (1878–1880) zamanı baş vermiş döyüş. Həmin döyüşdə ingilislər məğlub olmuşdular.




2


Şillinq – Böyük Britaniya Birləşmiş Krallığında milli pul vahidi olan funt-sterlinqin 1/20-nə bərabər ingilis pulu




3


Pens – bəzi ölkələrdə xırda pul vahidi




4


Alkaloid – güclü fizioloji təsiri olan azot tərkibli üzvi maddə




5


Distillə – mayeləri qaynadaraq əsas tərkib hissələrinə ayırmaqla təmizləmə, saflaşdırma




6


Tıxac – şüşə və s. bu kimi boğazlı qabların ağzını və ya müxtəlif cihazların deşiklərini qapamaq üçün dairəvi mantar, yaxud başqa şey; probka




7


Reaktiv – burada: başqa maddə ilə birləşəndə xüsusi reaksiya əmələ gətirən və bununla da onun tərkibini müəyyənləşdirməyə imkan verən maddə




8


Fut – ingilis ölçü sistemində təxminən 30 sm-ə bərabər uzunluq vahidi




9


Tomas Karleyl (1795–1881) – Şotlandiya tarixçisi, satirik yazıçı və publisist. Eyni zamanda filosof və riyaziyyatçı kimi tanınırdı.




10


Evklid (təxm. M.ö. 325 – M.ö. 270) – qədim yunan riyaziyyatçısı. Evklid məşhur "Elementlər" kitabının müəllifidir.




11


Kriminalistika – məhkəmə sübutlarının (izlər, sənədlər, maddi sübutlar və s.) toplanılıb qeydə alınmasının, tədqiq və tətbiqinin xüsusi üsul, metod və vasitələr sistemini işləyib hazırlayan elm sahəsi




12


Edqar Allan Po (1809–1849) – ABŞ yazıçısı, detektiv janrda yazan ilk Amerika yazıçılarından biri. Onun yaratdığı Kavaler Ögüst Düpen isə ədəbiyyatda ilk xəfiyyə obrazı sayılır.




13


Dünyanın ilk detektiv müəlliflərindən sayılan fransız yazıçısı Emil Qaborionun 1866-cı ildə çıxan “Dul qadın Lerujun işi” romanı nəzərdə tutulur.




14


Skotlənd-Yard – London polis idarəsi




15


Kremon skripkaları – İtaliyanın Kremon şəhərində istehsal edilən skripkalar




16


Stradivarius (1644–1737) və Amati (1505–1577) – söhbət məşhur italyan skripka ustası Amati və onun davamçısı Stradivariusdan gedir.




17


Silindr – təpəsi hündür, kənarları (dövrəsi) bərk şlyapa




18


Covanni Bokkaçço (1313–1375) – italiyalı yazıçı və şair. "Dekameron" romanı ilə məşhurdur.




19


Ruletka – burada: fırlanan oxa sarınmış ensiz metal lentdən ibarət uzunluq ölçü aləti



Roman məşhur xəfiyyə Şerlok Holmsun doktor Vatsonla tanışlığı ilə başlayır. Londondakı iki müəmmalı ölüm isə bu tanışlığı dostluğa çevirir. Məlum olur ki, hər iki ölüm əslində qətldir…

Как скачать книгу - "Şerlok Homs və doktor Vatson" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Şerlok Homs və doktor Vatson" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Şerlok Homs və doktor Vatson", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Şerlok Homs və doktor Vatson»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Şerlok Homs və doktor Vatson" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Видео по теме - Шерлок Холмс и доктор Ватсон | 1 серия | Знакомство

Книги серии

Книги автора

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *