Книга - Leonardo da Vinçi

a
A

Leonardo da Vinçi
Valter Ayzekson


Tarixi yaradanlar
Həyatı qeyri-adi hadisələrlə zəngin olan, özünəməxsus xarakteri ilə seçilən Leonardo da Vinçi haqqında yazılmış bu əsəri oxuduqca onun şəxsiyyəti bütün əzəməti ilə gözləriniz önündə canlandıracaq.








Valter Ayzekson

Leonardo da Vinçi


İnsanlar üç cür olur: görənlər, göstərəndə görənlər və görməyənlər.

    Leonardo da Vinçi







© Altun kitab MMC – 2021

www.altunkitab.az (http://www.altunkitab.az/)




Ön söz

İkinci minilliyin adamı


Leonardo da Vinçi bəşər tarixində «dahi» ünvanına layiq olan, daha doğrusu, bu ünvanı qazanmış az adamlardan biridir. Əlbəttə, tarix dahilər sarıdan kasad deyil, lakin Leonardo kimi ən müxtəlif sahələrdə böyük uğurlara imza atmış ikinci bir insana rast gəlmək mümkünsüzdür. Ayrı-ayrı sahələr üzrə məşhur dahilər var, məsələn, musiqidə Motsart, riyaziyyatda Eyler və s. Leonardo Da Vinçi isə öz universallığı (hərtərəfliliyi) ilə seçilirdi; o, rəssamlıqdan memarlığa, musiqidən ədəbiyyata, mühəndislikdən, anatomiyaya, riyaziyyatdan təbiətşünaslığadək fərqli yaradıcı və elmi sahələrdə öz istedadını sübuta yetirib.

Məşhur alman filosofu Artur Şopenhauer (1788–1860) vaxtilə yazırdı: «İstedad heç kəsin vura bilmədiyi hədəfləri vura bilir, dahi isə heç kəsin görmədiyi hədəfi vurur». Bu sözlər sanki Leonardo üçün deyilib…

Da Vinçini fövqəlinsan da adlandırmaq olar: bir-birindən qiymətli rəsm əsərləri, öz sağlığında heç vaxt havalanmayacaq uçan qurğular, yalnız yüz illər sonra həyata keçən qeyri-adi ideyalar, bir-birindən maraqlı alətlərin, cihazların layihələri… Bu sıraya elmin müxtəlif sahələrinə dair mətnləri də əlavə etdikdə Leonardonun dövrünü çox qabaqlamış nəhəng şəxsiyyət olduğuna heç bir şübhə qalmır. O öz ixtiraları və icadları ilə zamanı bir neçə yüz il qabaqlamışdı. Əksər ideyalarını tamamlamasa və ya həyata keçirə bilməsə də, bunlar böyük sənətkarın qiymətini əsla azaltmır.

Da Vinçini başqalarından fərqləndirən cəhət yaradıcılığa bütün varlığı ilə bağlanması, təxəyyülünün imkanlarından sonacan istifadə etməsi idi. Müşahidələrini fantaziyaları ilə bir araya gətirə bilən Leonardo daim hər kəsi heyrətləndirməyi bacarırdı.

Erkən yaşlardan hər şeylə maraqlanan, ətrafda gördüyü heç nəyi diqqətdən qaçırmayan Leonardonun bütün ömrü öyrənməklə, araşdırmaqla keçmişdi. Da Vinçiyədək bəşər tarixində kimsə «Mona Liza» kimi rəssamlıq şedevri yarada bilməmiş, apardığı uzunmüddətli tədqiqatların nəticəsi olaraq bənzərsiz anatomik rəsmlər çəkməmişdi. Da Vinçiyədək bəşər tarixində heç kim çayların məcrasını dəyişmək məqsədilə irimiqyaslı layihələr işləməyib, Yer səthindən əks olunan günəş işığının Ay səthini işıqlandırdığını söyləməyib, ürək mədəciklərinin necə işlədiyini öyrənmək üçün donuzun döyünməkdə olan ürəyini yarmayıb, tamamilə orijinal musiqi alətləri düzəltməyib, teatr tamaşalarına qeyri-adi tərtibat verməyib…

Leonardonun şəxsiyyəti, həyatı və yaradıcılığı insanlara həyatda uğur qazanmağın yolunu göstərir. Onu dahiliyə aparan məziyyətləri belə sıralamaq olar:

1. Hər şeylə maraqlanmaq.

2. Biliyə can atmaq.

3. Təəccüblənmək hissini heç vaxt itirməmək.

4. Ən xırda detalı belə gözdən qaçırmamaq.

5. Faktlara hörmət etmək.

6. Təxəyyülün gücünə inanmaq.

7. Təkcə sifariş üçün yox, həm də özün üçün yaratmaq.

8. Araşdırma ehtirasına və şövqünə malik olmaq.

Məhz yuxarıdakı keyfiyyətlər Leonardo da Vinçini bəşər tarixinin ən görkəmli şəxsiyyətlərindən birinə çevirmiş, onun «İkinci minilliyin adamı» seçilməsinə gətirib çıxarmışdı. İndi isə gəlin bu böyük sənətkar və aliminın həyat yolu, uğurları, eləcə də uğurlarının sirləri ilə daha yaxından və ətraflı tanış olaq.




Leonardonun dünyaya gəlişi


Xoşbəxtlikdən Leonardo nikahdankənar doğulmuşdu. Yoxsa nəslindəki bütün böyük oğullar kimi o da notarius[1 - Notarius – müxtəlif sənədləri, hüquqi aktları təsdiq etmək vəzifəsi daşıyan rəsmi şəxs] olacaqdı. Hər halda ən azı beş nəsil idi ki, belə davam edirdi. Bu ənənə onun ulu babası Mikeledən gəlirdi. Hələ XIV əsrdə Mikele İtaliyada, Florensiya yaxınlığındakı kiçik Vinçi şəhərciyində notarius işləyirdi. Bütün notariuslar kimi Mikeleyə də «ser» deyə müraciət edirdilər: ser Mikele da Vinçi.

Mikelenin törəmələrindən biri – Pyero 1451-ci ildə Florensiyada məskunlaşarkən cəmi 25 yaşı vardı. Rəsmi müqavilələrdən birində onun iş yeri kimi şəhər hakimiyyətinin (meriya) binası göstərilir. O, Florensiya monastırları, dini ordenlər, şəhərdəki yəhudi icması üçün notarial aktlar tərtib edirdi. Bir dəfə hətta İtaliyanın məşhur sülalələrindən biri olan Mediçi kral ailəsindən belə sifariş almışdı.

1452-ci ildə bir kəndli qızla izdivacdan Pyeronun oğlu dünyaya gəldi. Uşağın babası qeyd kitabçasının son vərəqində yazdı: «1452-ci il. Nəvəm doğuldu, yəni oğlum Pyeronun oğlu anadan oldu. Aprelin 15-də, şənbə günü, gecə saat 3-də. Adını Leonardo qoyduq». Həmin qeyd kitabçasında Leonardonun anası barədə heç nə yazılmır. Yalnız beş il sonra tərtib edilmiş vergi sənədində onun adına rast gəlirik – Katerina. O, 1436-cı ildə kasıb kəndli ailəsində doğulmuş, 14 yaşında yetim qalmışdı. Kiçik qardaşı ilə birgə nənəsigilə köçmüş, lakin 1451-ci ildə nənəsi də dünyasını dəyişmişdi. Elə həmin ilin iyulunda Katerina 24 yaşlı Pyero ilə birgə yaşamağa başladı. Katerinadan uşağı olsa da, Pyero onunla evlənmədi, çünki ayrı-ayrı sosial təbəqələrə aid idilər.

Leonardo Vinçi qəsəbəsinin yaxınlığındakı Ankiano adlı balaca kənddə doğulmuşdu. Hazırda bu kənddə Leonardonun kiçik muzeyi yerləşir. Leonardo şənbə günü dünyaya gəlmişdi. Ertəsi gün keşiş onu Vinçinin məhəllə kilsəsində xaç suyuna saldı. Bir həftə sonra isə Pyero da Vinçi əliuşaqlı Katerinanı tərk edib Florensiyaya qayıtdı. Qadın isə Akkattabriqa adlı bir kəndliyə ərə gedib Vinçi yaxınlığındakı fermada yaşamağa başladı. Bundan sonra onların dörd qızı, bir oğlu da oldu. Leonardonun doğma atası isə ümumilikdə dörd dəfə evləndi və on bir övladı dünyaya gəldi. Leonardo daha çox anasıgildə yox, atasının Vinçidəki evində, əmisi Françeskonun yanında qalırdı.

Qeyd edək ki, o vaxtlar nikahdankənar uşaqların dünyaya gəlməsi eyib və ya qəbahət sayılmırdı. XIX yüzillikdə yaşamış mədəniyyət tarixçisi Yakob Burkxard İtaliya intibah dövrünü «bastardların (nikahdankənar doğulanların – red.) qızıl dövrü» adlandırır. Hətta Papa II Piyin (1405–1464) nikahdankənar iki oğlu vardı. Leonardonun müasiri Papa VI Aleksandrın nikahdankənar oğlu Çezare Borcia isə papa ordusunun başçısı və kardinal[2 - Kardinal – katolik kilsəsində Roma papasından sonra ali dini rütbə] vəzifəsinə qədər yüksəlmişdi. Yeri gəlmişkən, vaxt gələcək, Çezare Leonardo da Vinçini himayə edəcək, ona arxa-dayaq olacaqdı.

Nikahdankənar doğulanların arasında Petrarka, Bokaçço, Lornso Qiberti, Filippo Lippi və s. kimi dövrünün tanınmış sənətkarları da vardı. Lakin bastardların üzləşdiyi özünəməxsus çətinliklər də az deyildi. Məsələn, Florensiyanın notariuslar gildiyası ittifaqı onları öz sıralarına qəbul etmirdi. Ancaq bu məsələdə Leonardonun bəxti gətirmişdi: onsuz da onun notarius olmaq fikri yox idi, çünki yeknəsəq işdən zəhləsi gedirdi. Bundan başqa, nikahdankənar doğulduğu üçün Leonardonu, varlı tacirlərin və əsnafın ərköyün uşaqları kimi, «latın məktəbi» nə oxumağa göndərmədilər. Odur ki ibtidai məktəbdə öyrəndiyi toplama-çıxma, vurma-bölmə kimi riyazi əməliyyatları nəzərə almasaq, Leonardonun heç bir təhsili yox idi. Buna görə də yaşa dolduqdan sonra özünü ironiya ilə «təhsilsiz adam» adlandırırdı. Lakin eyni zamanda fəxr edirdi ki, nə zamansa vaxtını başdansovdu təhsilə sərf etməyib: bundansa «təhsilsiz adam» olmaq daha yaxşıdır. Ən əsası isə həyatdan kifayət qədər öyrənib; elə ona görə də bəzən sənədlərə «Təcrübələrin şagirdi Leonardo da Vinçi» deyə imza atırdı.

Leonardo ənənəvi bilgiləri əzbərləmək ehtiyacı hiss etmir, təbiətin dərkində empirik (təcrübəyə əsaslanan) yanaşmalara, elmi metodlara üstünlük verirdi. Belə ki, onun istifadə etdiyi metodları yalnız bir əsr sonra ingilis filosofu və tarixçisi Frensis Bekonla məşhur italyan alimi Qalileo Qaliley (1564–1642) sistemləşdirməyə başlamışdı. Leonardo qeyri-adi müşahidə qabiliyyətinə malik idi: ətrafdakı hər şeyi xırdalıqları ilə gözdən keçirməyə çalışırdı. İstər tez-tez qanad çalan quşun hərəkəti olsun, istərsə də insanın üzündə yaranan ani ifadə, fərqi yoxdur, Leonardo hər şeyin mahiyyətinə varmağa səy göstərir, bunların əsasında təcrübələr aparırdı. «Mən bütün mülahizələrimdə yalnız təcrübəyə istinad edirəm!» – o yazırdı.

Əslində Leonardonun yaşadığı dövr məktəbdə və universitetdə oxumayan, bununla belə, elmə, biliyə can atan istedadlı gənclər üçün müəyyən qədər əlverişli idi. Məsələ burasındadır ki, 1440-cı illərdə İohann Qutenberq mətbəə üsulu ilə kitab çapının əsasını qoymuş, nəticədə, tezliklə çoxsaylı maraqlı kitablar nəşr olunmağa başlamışdı. Beləcə, məktəbdən, universitetdən uzaq qalan gənclərin savadlanması üçün şərait yaranmışdı. Oxuyub-yazmağı bacaran insanların sayı durmadan artırdı. Digər tərəfdən isə Florensiyada şan-şöhrət qazanmaq, istedadlı insanların hamisi kimi ad çıxarmaq istəyən varlı tacirlər sanki mesenatlıq[3 - Mesenat – elm, təhsil və mədəniyyətə himayədarlıq edən və ona maliyyə dəstəyi verən xeyriyyəçi] yarışına girmişdilər. Bütün bunlar, şübhəsiz ki, Leonardonun da işinə yarayırdı.

Ümumiyyətlə isə həmin dövrdə Florensiya elm, sənət məbədinə çevrilmişdi. Şimali Apennin dağlarının ətəklərində, Arno çayı sahilində yerləşən bu şəhərə «Florensiya» adını vaxtilə romalılar vermişdilər. Mənası «çiçəklənən» deməkdi. Florensiya bir çox məşhur rəssamların, heykəltəraşların, elm və ədəbiyyat adamlarının vətənidir. Elə XVI yüzillikdə start götürən Renessans dövrü[4 - Renessans (İntibah dövrü) – Qərbi və Mərkəzi Avropa ölkələrinin mədəniyyət tarixində orta əsr mədəniyyətindən yeni dövr mədəniyyətinə keçid dövrü] də buradan başlayıb və Avropaya yayılıb. Bir sözlə, Florensiya öz adının mənasını artıqlaması ilə doğruldub. Orada doğulması isə Leonardo üçün həqiqətən böyük şans idi…




Şagirdlik dövrü


Leonardo on iki yaşına qədər Vinçidə yaşadı. 1464-cü ildə, analığı dünyasını dəyişəndən sonra, tək qalmış atası onu özüylə Florensiyaya apardı. Artıq şəhərdə yaşasa da, Leonardo doğma kəndin ab-havasını unuda bilmirdi. Təsadüfi deyil ki, sonralar onun qeydləri arasında yaradıcılığa yeni başlayan bir rəssama ünvanlanan aşağıdakı məsləhət də yer alacaqdı: «Şəhəri tərk et, qohumlardan, dostlardan ayrıl, dağlara, vadilərə, düzənliklərə get».

O da maraqlıdır ki, kənd həyatına nə qədər aludə olsa da, Leonardo, demək olar, bütün həyatını Florensiya, Milan və Roma kimi iri şəhərlərdə keçirdi.

İlk vaxtlarda Leonardo atasıyla qalırdı. O, burada ibtidai təhsil aldı, şagird kimi işə düzəldi. Amma yaxşı əlaqələri olan ser Pyero övladının sənədlərini öz qanuni oğlu kimi rəsmiləşdirmədi. Da Vinçinin heykəltəraşlığa, rəssamlığa meyil etdiyini görən Pyero onu öz varisi kimi görmək istəmirdi.

Leonardo solaxay idi və sağdan sola, üstəlik, hərfləri də tərsinə çevirərək yazırdı. XVI yüzilliyin tanınmış rəssamı və tarixçisi Georgio Vazari qeyd edir: «Xüsusi təcrübəsi olmayanlar onun xəttini oxuya bilmir. Onun xəttini oxumaq üçün güzgü lazımdır».

Bəzi araşdırmaçıların iddiasına görə, Leonardo belə bir yazı üsulundan nəyəsə görə kod kimi istifadə edirmiş. Lakin bu doğru deyil: axı onun xəttini güzgünün köməyi ilə də oxumaq olur, adi gözlə də. Sadəcə, da Vinçi solaxay olduğu üçün belə yazmaq ona rahat idi. Leonardonun solaxay olması onun rəsm çəkmə metodunda da özünü göstərir: o, şəkli də sağdan sola çəkirdi ki, əli ilə kətanı kirlətməsin.

14 yaşı tamam olandan sonra Leonardo atasının köməyi ilə Florensiyanın ən yaxşı rəssamlıq emalatxanalarından birində işləməyə başladı. Emalatxanada hökm sürən mədəni və işgüzar ab-havanı oradakı avadanlıqların siyahısından da hiss etmək olurdu: nahar stolu, çarpayılar, qlobus, italyan dilində çoxlu kitablar… Kitabların arasında məşhur Roma şairi Ovidinin (e.ə. 43–17) və XIV yüzilliyin görkəmli italyan şairi Petrarkanın latın dilindən tərcümə olunmuş kitabları, eləcə də Florensiyanın tanınmış yazıçılarından Franko Sakkettinin (1332–1400) qısa yumoristik novellaları yer alırdı. Bu müəlliflərin yaradıcılığı Leonardonun yetişməsində xüsusi rol oynamışdı. Emalatxanada riyaziyyatdan tutmuş, anatomiya, antik mədəniyyət, musiqi və fəlsəfəyə aid ən müxtəlif mövzular ətrafında söhbətlər aparılırdı.

Emalatxanada çalışanlar, adətən, elə orada qalır, yeməklərini də orada yeyirdilər. Rəsmlər və digər sənət əsərlərinə imza qoyulmurdu: çünki bu əsərlər fərdi yaradıcılıq məhsulu sayılmırdı. Ona görə bir çox rəsm əsərləri emalatxana sahibi Verokkionun adına çıxılır. Emalatxana sahibinin məqsədi dahi rəssamlar yetişdirmək yox, müştərilərin sifarişini yerinə yetirib qazanc əldə etmək idi. Qeyd etmək yerinə düşər ki, əsl adı Andrea di Çione olan Verokkionun emalatxanası çox məşhur idi. Hətta Florensiyanın ən yaxşı rəssamlıq emalatxanası sayılırdı.

Onu da deyək ki, bu cür emalatxanalarda çalışan sənətkarlar klassik təhsil almır, bu səbəbdən də mədəni elitanın üzvləri sayılmırdılar. Lakin zaman keçdikcə belə rəssamların cəmiyyətdəki statusu da dəyişməyə başladı. Onların bir çoxu öz uğurlu işləri ilə böyük şöhrət qazandılar, beləcə, nüfuzları da yüksəldi.

Leonardo rəssamlıqla bağlı elementar bilikləri ibtidai məktəbdə almışdı, çalışdığı emalatxananın sahibi Verokkiodan isə ilk növbədə həndəsənin gözəlliyini öyrəndi. Bir dəfə Verokkioya monumental mühəndislik işi sifariş edildi: o, ikitonluq böyük bir kürə hazırlamalıydı. Kürəni Florensiyanın baş kilsəsinin qübbəsi üzərində quraşdırmağı planlaşdırırdılar. Sənətin, həndəsi qanunların və mexanikanın köməyi ilə hazırlanmış kürə 1471-ci ildə təntənəli şəkildə kilsənin üzərinə qaldırıldı. Onda Leonardo 19 yaşında idi. Sonralar bu hadisəni tez-tez xatırlayan da Vinçi başa düşdü ki, sənət və mühəndislik işi bir-biriylə sıx bağlı sahələrdir. Tezliklə onun hazırladığı qaldırma mexanizmlərindən Verokkionun emalatxanasında istifadə etməyə başladılar. Leonardo optikaya və işıq şüaları həndəsəsinə xüsusi maraq göstərirdi. Uzun illər ərzində o öz qeyd dəftərçələrində işıq şüalarının fokuslaşdırılması üçün əyri güzgülərin hazırlanması mexanizmi ilə bağlı iki yüzə qədər eskiz çəkmişdir.

Vaxt keçdikcə atası Leonardonun zəngin təxəyyülünü, sənətlə möcüzəvi təbiət hadisələrini bir araya gətirmək bacarığını qiymətləndirməyə, hətta bundan faydalanmağa başladı. Bir dəfə Vinçidə yaşayan bir kəndli taxtadan lövhə düzəltdi. Sonra isə Pyerodan xahiş etdi ki, onu özüylə Florensiyaya aparıb üzərinə boyayla şəkil çəkdirsin. Pyero bu işi görməyi oğluna tapşırdı. Leonardo lövhənin üzərində əjdahaya bənzər – ağzından od saçan qeyri-adi bir məxluq təsvir etməyi qərara aldı. O, şəklin canlı, təbii alınması üçün əsl kərtənkələlər, sisəklər, ilanlar, kəpənəklər, cırcıramalar və yarasalar topladı. Axırda onların görünüşlərini ümumiləşdirərək əcaib bir varlıq düzəltdi. Vazari yazır: «Leonardo öz işinə elə aludə olmuşdu ki, çürüməkdə olan canlıların üfunət iyini belə vecinə almırdı. Pyero lövhəni götürməyə gələndə, əcaib varlığın rəsmini görüb, qorxudan geri çəkildi: bir anlığa ona elə gəldi ki, qarşısındakı əsl heyvandır. Nəticədə o, əsəri özündə saxladı və əvəzində kəndliyə başqa lövhə aldı. Sonralar Pyero əjdaha rəsmli lövhəni Florensiyada tacirlərə yüz dukata[5 - Dukat – İtaliyada qədim zamanlarda gümüşdən, sonralar isə qızıldan düzəldilmiş pul vahidi] satdı. Tacirlər isə həmin lövhəni Milan hersoquna üç yüz dukata satdılar».

Bu əsər Leonardonun fantaziya ilə müşahidəni məharətlə uzlaşdırmaq qabiliyyətini üzə çıxartdı. Sonralar rəssamlıq haqqında traktat[6 - Traktat – ictimai-fəlsəfi mövzuda mühakimə xarakterli elmi əsər] yazmağa hazırlaşan rəssam qeyd edəcəkdi: «Əgər sən şəklini çəkmək istədiyin xəyali canlının təbii görünməsini istəyirsənsə – tutalım, bu, ilandır – çoban itinin və ya tulanın başını götür, ona pişik gözləri, yapalaq qulaqları, tazı burnu yapışdır, aslan qaşları, su bağasının boynunu əlavə et…»




Leonardonun ilk uğurları


Mediçilər varlı və nüfuzlu bir ailədir; bu ailənin təmsilçiləri XIII–XVIII əsrlərdə dəfələrlə Florensiya hökmdarı olublar. Onlar Renessans dövrünün görkəmli rəssam, heykəltəraş və memarlarının himayəçisi kimi tanınırdılar. Bu ailə tez-tez böyük karnavallar və yürüşlər təşkil edirdi. Florensiya emalatxanalarında çalışan rəssamlar və mühəndislər bu bayram şənliklərinə xüsusi səylə hazırlaşırdılar. Qısa vaxtda Leonardo teatr tamaşalarının istedadlı tərtibatçısı kimi ad çıxarmışdı. O, Florensiyada, xüsusilə də Milana köçəndən sonra kostyumlar, teatr dekorasiyaları, səhnə üçün avadanlıq, xüsusi effektlər, hərəkət edən platformalar işləyib-hazırlayır, müxtəlif şənliklərə və karnavallara tərtibat verirdi. Rejissor və dekorator kimi fəaliyyət göstərən Leonardo mühəndislik elmi ilə sənəti uzlaşdırmaq imkanından məmnun idi. Bu qəbildən olan sifarişlər onun bir şəxsiyyət kimi formalaşmasında əhəmiyyətli rol oynayırdı. Leonardonun məşhur hava pəri – bunu tez-tez helikopterin prototipi kimi də qələmə verirlər – böyük ehtimalla, əyləncəli tamaşalar üçün nəzərdə tutulmuş mexanizmdir. O vaxtlar bənzər mexanizmi olan oyuncaqlar artıq mövcud idi. Leonardonun icad etdiyi «mexaniki quşlar» kimi, hava pərləri də tamaşaçıları əyləndirmək üçün nəzərdə tutulmuşdu.

Verokkionun emalatxanasındakı yoldaşlıq ab-havası, ailə mühiti Leonardonun ürəyincə idi. Odur ki 1472-ci ildə şagirdlik müddəti başa çatandan sonra da müəlliminin yanında qalıb işləməyə qərar verdi. Onda gənc rəssamın iyirmi yaşı vardı. Atasının evi emalatxananın yaxınlığında yerləşirdi. Florensiya rəssamlar birliyinə üzv olarkən o, sənədlərə «Leonardo di ser Pyero da Vinçi» kimi imza atdı. Bununla da doğma atasıyla qohumluq münasibətini rəsmiləşdirmiş oldu. Yeri gəlmişkən, həmin dövrün Bottiçelli, Pyetro Perucino, Qirlandayo, Pollayolo, Filippino Lippi, Verokkio kimi məşhur sənətkarlar adını çəkdiyimiz cəmiyyətin üzvü idilər. Bir sözlə, bu, kifayət qədər nüfuzlu təşkilat idi və da Vinçinin gənc yaşda ora qəbul edilməsi böyük uğurdu.

1473-cü ildə Leonardo müstəqil rəssam həyatına başlamağa qərar verdi. O, Florensiyanı tərk edib səfalı Vinçiyə qayıtdı. Özünün ilk məşhur rəsmlərindən birini – «Arno vadisinin mənzərəsi» ni məhz həmin günlərdə çəkdi.

İmpressionizm[7 - İmpressionist – sənətdə realizmi qəbul etməyən, ictimai məsələlərdən yan keçən, daha çox ötəri təəssüratları canlandırmağa çalışan, məzmunun zərərinə olaraq formaya həddindən artıq önəm verən idealist cərəyanın (impressionizmin) tərəfdarı] üslubunda çəkilmiş rəsmdə Vinçi ətrafındakı yaşıl Arno vadisi və qayalı dağlar təsvir olunur. Leonardo yaradıcılığı üçün xarakterik olan bu təbiət təsvirində biz mənzərəni sanki quş uçuşu yüksəkliyindən görürük. Rəsmdə gerçəklik təxəyyüllə çulğaşıb, tamamilə başqa reallıq üzə çıxıb. «Əgər rəssam insanlara sevgi təlqin eləyən gözəl şeylər görmək istəyirsə, onları özü yaratmalıdır», – Leonardo sonralar yazırdı. Başqa rəssamlar da təbiət təsvirləri, yəni peyzaj çəkirdilər, lakin bunlardan daha çox fon yaratmaq üçün istifadə olunurdu. Leonardo isə, prinsipial olaraq, tamamilə başqa yanaşma sərgiləyir: o, təbiəti elə təbiət naminə təsvir edir! Bu mənada Arno vadisinin xəyali mənzərəsini əks etdirən rəsm Avropa incəsənəti tarixində ilk həqiqi peyzaj roluna iddia eləyə bilər.




Da Vinçi – həddən artıq tələbkar


1477-ci ildə Leonardo, nəhayət ki, Verokkionun yanından tamam ayrılıb öz emalatxanasını açdı. Lakin heç bir ciddi uğur qazana bilmədi. Milana köçənə qədər, beş il müddətində o, vur-tut üç sifariş aldı. Bunlardan birini, ümumiyyətlə, yerinə yetirmədi, digər ikisini isə yarımçıq qoydu. Lakin məhz tamamlanmamış bu iki rəsm əsəri onun reputasiyasını daha da möhkəmlətdi və bütün rəssamlıq tarixinə öz təsirini göstərdi…

Bu barədə bir qədər sonra. Hələliksə onu deyək ki, da Vinçi ilk sifarişi 1478-ci ildə almışdı. Əslində bu sifarişi Florensiya dövlət şurasının (Sinyoriya) yanında notarius xidmətləri göstərən atası təşkil etmişdi: Leonardodan Sinyoriya binasının yanındakı kilsə üçün tablo çəkmək tələb edilirdi. Sifarişi yerinə yetirməyə hazırlaşan da Vinçi bu məqsədlə eskizlər hazırlamağa başladı. Lakin o, sifariş olunan rəsmi çəkmədi, bununla belə, hazırladığı eskizlər başqa bir əsərin meydana çıxmasında əhəmiyyətli rol oynadı. «Öncəgörənlərin sitayişi» adlanan həmin rəsm də tamamlanmadı. İntəhası, sənətşünas Kennet Klarkın sözləriylə desək, «XV yüzilliyin ən inqilabi və antiklassik əsəri» oldu.

Leonardo əsərə səma təsviri də əlavə etmək istəyirdi, lakin bir-iki yüngül cəhddən sonra işi yarıda saxlamağa qərar verdi. Niyə? Ola bilsin, ona görə ki, perfeksionist[8 - Perfeksionist – həm özünə, həm də ətrafdakılara həddən artıq tələbkar yanaşan, məsuliyyət anlayışını dəhşətli dərəcədə şişirdən insan] davranırdı: bu ağır işin öhdəsindən gələ bilməyəcəyini düşünürdü. Vazari qeyd edir ki, Leonardo bir çox əsərini yarıda saxlamış, tamamlamamışdı: «O, həmişə olduqca mürəkkəb, eyni zamanda son dərəcə incə mətləbləri üzə çıxarmağı planlaşdırırdı və nəticədə ona elə gəlirdi ki, əsəri fikirləşdiyi şəkildə tamamlamaq mümkün deyil». Beləcə, çəkilən rəsm yarımçıq şəkildə bir kənara qoyulurdu.

Leonardonun bioqraflarından biri Lomatso isə yazır: «O, başladığı işi heç vaxt sona çatdırmırdı, çünki sənət haqqındakı təsəvvürləri buna imkan vermirdi: da Vinçi başqalarının möcüzə kimi qəbul etdiyi nəsnələrdə belə çatışmazlıqlar və qüsurlar tapırdı».

Əsərlərini yarımçıq qoymasının başqa səbəbi də vardı – Leonardo niyyəti, ideyanı işin icrasından üstün tuturdu.

İlk sifarişini aldıqdan yeddi ay sonra Leonardo əlindəki işi kənara qoyub Milana köçdü. Sifariş üçün ödənilən pulları xərcləyib qurtarmışdı. O, yarımçıq saxladığı rəsm əsərini dostu Covanni Bençinin yanında qoydu. Belədə kilsə rahibləri məcbur olub eyni süjet əsasında rəsm çəkməyi Bottiçellinin himayə etdiyi Filippino Lippiyə sifariş verdilər. Gənc Lippi isə öz müəllimi Bottiçellidən yaltaqlıq etməyi öyrənmişdi: Covanninin əvvəllər çəkdiyi «Öncəgörənlərin sitayişi» rəsmində olduğu kimi, Lippinin əsərində də Mediçi ailəsi üzvlərinin portretləri peyda oldu. Məddahlıqla arası olmayan Leonardo isə nə bu, nə də digər əsərlərində Mediçiləri vəsf etmək niyyətinə düşmədi. Bəlkə də, elə ona görə Bottiçelli, Filippino Lippi və onun atası Filippo Lippi bu varlı ailənin səxavətindən gen-bol bəhrələndikləri halda, da Vinçi daim hökmdarların diqqətindən kənarda qalmışdı.

Leonardonun növbəti yarımçıq işi «Müqəddəs İeronim səhrada» tablosudur. Bu əsərdə onun bədən hərəkətlərini ruhun titrəyişləri ilə uzlaşdırmaq cəhdləri daha qabarıq sezilir. Tamamlanmamış həmin tabloda XIV yüzillikdə yaşamış, Bibliyanı latın dilinə tərcümə etmiş alim Müqəddəs İeronim təsvir olunub. İeronim burada tövbəkar zahid obrazındadır: irəli uzatdığı əlində daş tutub və tövbə edərkən onu sinəsinə vurmağa hazırlaşır. Vəfalı şir önündə uzanıb – İeronim onun ayağına batmış tikanı çıxarandan sonra şir yanından uzaqlaşmır. Müqəddəs İeronim son dərəcə yorğun, halsız, üzgün görünür, lakin baxışlarında qəribə bir qətiyyət ifadə olunub. Fonda isə tutqun peyzajda dikələn qaya parçaları təsvir edilib.

Leonardonun bütün əsərləri öz dərin mənası – insan daxilini açıb göstərmək səyləri ilə seçilir. O, bütün əsərlərində bir növ hisslərin şəklini çəkməyə çalışıb. Buna isə ən çox «Müqəddəs İeronim səhrada» tablosunda nail olub. Sənətşünasların yekdil rəyinə görə, Leonardo bu rəsmi iki mərhələdə –1480-ci il və insan anatomiyası ilə bağlı araşdırmalar apardıqdan sonra, 1510-cu illərdə çəkib. Bunu müasir texnologiyaların köməyi ilə aparılan tədqiqatlar da sübut edir. İngiltərənin paytaxtı Londondan qərbdə yerləşən Vindzor muzeyinin məsul işçisi Kleyton yazır: ««Müqəddəs İeronim səhrada» əsərinin əhəmiyyətli hissəsi ilkin variant meydana çıxdıqdan iyirmi il sonra çəkilib. Həmin vaxt Leonardo anatomik bilgilərini xeyli artırmışdı». Bu məqam Leonardonun sifarişləri niyə vaxtında yerinə yetirmədiyinə bir daha aydınlıq gətirir. Bir çox işləri yarımçıq saxlamaqda onun məqsədi həmin əsərlərin daha mükəmməl variantını yaratmaq idi. O, gənclik dövründə əksər əsərləri, bax beləcə, bir kənara qoyur, vaxt keçdikcə onlara müəyyən düzəlişlər edirdi.

Da Vinçinin «Cinevra Bençi», yaxud «Mona Liza» kimi tamamlanmış və ya qismən tamamlanmış əsərləri də sifarişçilərə çatmadı. Leonardo sevimli işinə o qədər aludə olmuşdu ki, bir yerdən başqa yerə köçərkən rəsmləri də özüylə aparır, yeni ideyaların işığında onları daha da təkmilləşdirməyə çalışırdı. Bir sözlə, sifarişçiləri, demək olar, unudurdu. Şübhə yoxdur ki, «Müqəddəs İeronim səhrada» və «Öncəgörənlərin sitayişi» əsərlərini də məhz yuxarıda qeyd olunan səbəblərdən sifarişçilərə təhvil verməmişdi.

Yeri gəlmişkən, hətta ölüm yatağında belə, dahi sənətkarın yanında tamamlanmamış şedevrlər vardı…




Leonardo Milanda


Leonardo otuz yaşa çatmışdı, lakin istedadının cilalandığını, bir rəssam kimi püxtələşdiyini göstərən əyani sübutlar o qədər də çox deyildi. Həmin vaxtadək Verokki onun rəsmlərinə bir neçə əlavələr etmiş, elə bir fərqli özəlliyi olmayan bir neçə madonna şəkli, sifarişçiyə təhvil verilməmiş qadın portreti və iki tamamlanmamış şedevr çəkmişdi, vəssalam!

1481-ci ildə ovaxtkı papa IV Sikst böyük bir kilsəni freskalarla[9 - Freska – suvağı qurumamış divar və ya tavan üzərində sulu boyalarla çəkilmiş şəkil] bəzəmək üçün tanınmış rəssamları Florensiyadan və digər şəhərlərdən Romaya dəvət etdi. Leonardo dəvət edilənlərin arasında yox idi. O bunu yaradıcılığındakı durğunluqla əlaqələndirdi və Florensiyanı tərk etmək qərarına gəldi.

Beləliklə, da Vinçi 1482-ci ildə, on beş yaşlı musiqiçi Atalante Milyorotti ilə birlikdə Milana köçdü. Onda hələ bilmirdi ki, ömrünün on yeddi ilini bu şəhərdə keçirəcək. Leonardo gündəliyində 180 mil (təxminən 290 km) yol qət etdiklərini yazmışdı. O, yenicə ixtira etdiyi, odometrə[10 - Odometr – velosiped, motosikl və s. kimi nəqliyyat vasitələrinin təkərlərinin fırlanması vasitəsilə gedilən yolun uzunluğunu ölçən cihaz] bənzəyən cihazın köməyi ilə yolun uzunluğunu kifayət qədər düzgün hesablamışdı. Həmin cihaz arabanın təkərinin fırlanma sayına görə məsafəni ölçürdü. Florensiyadan Milana səyahət düz bir həftə çəkdi. Da Vinçi özüylə skripkaya bənzər, «lira» adlanan musiqi aləti götürmüşdü. Bu musiqi alətini Leonardo özü düzəltmiş və gümüşlə işləmişdi.

O dövrdə Milan özünün yüz iyirmi beş minlik əhalisi ilə Florensiyadan üç dəfə böyük idi. Leonardodan ötrü ən mühüm olan isə o idi ki, hökmdar sarayı da bu şəhərdə yerləşirdi. Milan artıq iki əsrdi müstəqil dövlət idi və hakimiyyəti irsən bir-birinə ötürən hersoqlar tərəfindən idarə olunurdu.

Leonardo Milana gələndə, dövləti onun yaşıdı olan Lodoviko Moro Svortsa idarə edirdi. Şəhərə çatan kimi da Vinçi hökmdara məktub yazdı. Bəzi tarixçilər isə ehtimal edir ki, rəssam məktubu Florensiyada olarkən qələmə almışdı.

Məktubda deyilirdi: «Zati-aliləri, adil hökmdar, özünü sənətkar və döyüş alətlərinin ixtiraçısı kimi qələmə verən kifayət qədər adamlar var. Lakin onların ixtira etdiyi alətlər başqalarından heç nə ilə fərqlənmir. Mən heç kəsə zərər vermək, işinə pəl vurmaq istəməzdim. Lakin özümü zati-alilərinə təqdim edərək bəzi sirlərimi ona açmaq istəyirəm ki, lazım bilsə, onlardan uğurla istifadə etsin. Bunlar aşağıdakılardır: olduqca yüngül, ancaq davamlı körpülər salmağın üsullarına bələdəm. Düşmən ordusunun saldığı körpüləri yandırmaq və dağıtmaq üçün vasitələr təklif eləyə bilərəm. Sizin üçün düzəldə biləcəyim olduqca münasib, asanlıqla daşınan bombardalar[11 - Bombardalar – müxtəlif çaplı ilk artilleriya qurğuları] düşmən ordularını pərən-pərən salmağa qadirdir. Dəniz döyüşləri zamanı hücum etmək və müdafiə olunmaq üçün kifayət qədər effektli qurğular hazırlamaq imkanım var. Bundan başqa, elə qapalı arabalar düzəldə bilərəm ki, onlarla rəqib düşmən orduların içərilərinə doğru irəliləmək və tez bir zamanda düşmənlərin iradəsini sındırmaq mümkündür. Qeyd edim ki, topları da daşıya bilən həmin arabaların arxasınca piyadalar təhlükəsiz və maneəsiz şəkildə irəliləmək iqtidarındadırlar. Bombardalardan istifadə etmək mümkün olmadığı hallar üçün tamamilə fərqli katapultlar[12 - Katapult – qədimdə qalaların mühasirəsi zamanı ox, daş və s. atmaq üçün işlədilən qurğu; mancanaq] və digər qurğular hazırlamağa gücüm çatar. Həmin qurğular müxtəlif mərmilər atmağa qadirdir.

Sülh şəraitində istər ictimai, istərsə də fərdi evlərin və binaların layihəsini hazırlamaq, eləcə də su xətlərinin çəkilməsi kimi məsələlərdə əvəzsiz xidmətlər göstərə bilərəm. Mərmər, tunc və gildən heykəllər düzəldirəm. Rəssamlıqda, nəqqaşlıqda istənilən adamla rəqabət aparmaq iqtidarındayam. Atanızın əziz xatirəsinə və şanlı Sfortsa ailəsinin şəninə tuncdan ölümsüz bir abidə, möhtəşəm at heykəli hazırlayaram».

Göründüyü kimi, Leonardo məktubda çəkdiyi şəkillərdən, eləcə də musiqi alətləri düzəltmək bacarığından söz açmır. O, ilk növbədə özünün mühəndislik qabiliyyətlərini qabartmağa və bununla Lodovikonun diqqətini cəlb etməyə çalışır. Əslində isə Leonardo həmin vaxtadək heç bir döyüşdə iştirak etməmiş, məktubda sadaladığı qurğuların heç birini düzəltməmişdi. Sadəcə, xəyalında canlandırdığı, təsəvvürünə gətirdiyi bəzi silahların rəsmini çəkmişdi. Buna baxmayaraq, iş elə gətirdi ki, Milanda məskunlaşan Leonardo, doğrudan da, hərbi mühəndis kimi çalışmağa başladı və bir neçə yeni mexanizm ixtira elədi. Bunlardan biri hücum edən düşmən əsgərlərinin qala divarlarına söykədiyi nərdivanları vurub aşırtmaq üçün mexanizm idi. O, həmçinin düşmən ordusuna qarşı hücuma keçərkən rəqib döyüşçülərə mümkün olduğu qədər ağır zərbə vurmaq üçün təkərlərinə orağabənzər iri, əyri bıçaqlar bərkidilmiş döyüş arabası yaratmışdı. Bütün canlılara şəfqətlə, sevgiylə yanaşan, elə bu səbəbdən ət yeməyən incə qəlbli Leonardonun belə bir qorxunc, dəhşətli qurğu yaratması, həqiqətən, ağlasığmazdır!

Da Vinçinin ixtira etdiyi başqa bir silah – nəhəng arbalet idi. Bu qurğunun kağız üzərindəki rəsminə baxanda heyrətlənməyə bilmirsən: onun karkasının eni 25 metrə çatır. Qurğunu döyüş meydanına gətirən dördtəkərli araba da təxminən bu uzunluqda idi. Arbaletin özü isə yüz futluq[13 - Fut – 30 sm 48 mm-ə bərabər uzunluq vahidi] daşı atmağa qadir idi!

Lakin həmin vaxtlar artıq barıtdan gen-bol istifadə etməyə başlamışdılar. Odur ki Leonardonun məktubda söz açdığı, müasir tanklara bənzəyən qapalı və zirehli araba, eləcə də digər mexanizmlər və qurğular kimi, arbalet də kağız üzərində qaldı. Onun yalnız bir hərbi təyinatlı ixtirası reallaşdı: bu, tüfəngin və ya digər odlu silahın içindəki barıtı odlamaq üçün düşünülmüş mexanizm – təkərcikli çaxmaq idi. Silahın tətiyini çəkəndə, metal təkərcik yayın köməyi ilə hərəkətə gətirilir, çaxmaq daşına sürtülərək qığılcım qoparırdı.

Bir sözlə, Milan hersoqu Leonardonun icadlarından heç birini döyüş meydanında sınaqdan çıxarmadı. Bir az da irəli gedib deyək ki, 1499-cu ildə isə Lodovikonun çoxdan gözlədiyi hərbi təhlükə, nəhayət ki, açıq qarşıdurmaya çevrildi – fransız ordusu Milana soxuldu. Lodoviko baş götürüb qaçmağa məcbur oldu. Beləcə, da Vinçinin hersoqdan əli tamamilə üzüldü…




İdeal şəhər


Milanda yaşadığı ilk illərdə Leonardo özünü memar kimi tanıtmağa çalışdı. Lakin heç bir sifariş ala bilmədi. Odur ki bu sahədə də öz ideyalarını və fantaziyalarını kağıza köçürməklə kifayətlənməli oldu.

1480-ci illərdə Milanı taun bürüdü: qorxunc epidemiya şəhər əhalisinin üçdəbirini məhv etdi. Leonardo sövq-təbii hiss edirdi ki, taunun yayılmasının səbəbi natəmizlik, indiki dillə desək, antisanitariyadır. O, başa düşürdü ki, şəhər əhalisinin sağlamlığı birbaşa şəhərin təmizliyi ilə bağlıdır. Odur ki o şəhər həyatını yaxşılaşdırmağa hesablanmış ikincidərəcəli tədbirlər barədə fikirləşməkdənsə, tamamilə yeni konsepsiya işləyib-hazırlamaq qərarına gəldi. Estetik məsələləri və sağlamlığı əsas götürən Leonardo «ideal şəhər» lər salmağı təklif edirdi. Onun fikrincə, Milan əhalisini çay kənarında salınmış on yeni şəhərə köçürmək lazımdı. Beləliklə, onun yeni konsepsiyası «keçilər kimi sürüylə yaşayan, üfunət qoxuyan, ətrafa vəba və digər ölümcül xəstəliklər yayan insanları seyrəltmək lazımdır» fikrinə əsaslanırdı. Leonardo hesab edirdi ki, şəhərlər də canlı orqanizm kimidir, nəfəs alır, burada maye dövran edir, tullantılar əmələ gəlir; bu tullantıları vaxtlı-vaxtında şəhərdən kənarlaşdırmaq lazımdır. Həmin vaxtlar Leonardo insan bədənində qan, ümumiyyətlə isə maye dövranını öyrənirdi. Müqayisələrlə düşünən da Vinçi təmiz ticarət yerləri qurmaqdan tutmuş zibilin yığışdırılmasına qədər, şəhərin müxtəlif ehtiyaclarını ödəyə biləcək sirkulyasiya sistemi yaratmağa çalışırdı. Onun layihələndirdiyi şəhər «ikimərtəbəli» idi: geniş küçələri, gözəl evləri, bağ-bağçası ilə seçilən «yuxarı mərtəbə» yaşamaq və piyadaların hərəkəti üçün nəzərdə tutulurdu. «Alt mərtəbədə» isə müxtəlif su kanalları, tullantıların kənarlaşdırılması üçün infrastruktur yaradılmalıydı.

Lakin həmişə olduğu kimi, bu dəfə də Lodoviko onun təklifini ciddiyə almadı. Halbuki Leonardonun planının yalnız bir qismi həyata keçirilsəydi belə, İtaliyada və bütün Avropada şəhərlərin siması tezliklə tamam dəyişər, epidemiyalar milyonlarla insanın həyatına son qoymazdı.




Leonardonun əlyazmaları


Milana gələndən sonra Leonardo gündəlik tutmağa başladı və ömrünün axırına kimi bu vərdişindən əl çəkmədi. Onun bəzi əlyazmaları qəzet səhifəsi böyüklüyündədir. Bəziləri isə dəri üzlüklü kiçik dəftərçələrdən ibarətdir. O, həmişə qurşağında kitabça gəzdirir, vaxtaşırı burada qeydlər aparırdı. Həmin kitabçalar və emalatxanasının divarlarından asılmış vərəqlər Leonardonun sönməyən yaradıcılıq ehtirasından, bitib-tükənməyən ideyalarından xəbər verir. Da Vinçi bir mühəndis kimi daim texniki vərdişlərini cilalayır, gördüyü və fikirləşib tapdığı mexanizmlərin çertyojunu çəkir; rəssam kimi ideyalarını qeyd edir, ayrı-ayrı şəkillərin ilkin variantını hazırlayır; saray şənliklərinin tərtibatçısı kimi müxtəlif qurğuların eskizini cızır; teatr tamaşalarında istifadə etmək üçün təmsillər, məzhəkələr yazırdı. Vərəqlərin kənarında görməli olduğu işlər, xərclədiyi pullar haqqında qeydlər aparır, hətta xarici görünüşü ilə diqqətini cəlb edən insanların sifət cizgilərini çəkirdi. Bir sözlə, da Vinçinin qeyd kitabçaları müxtəlif fikirlərdən, ideyalardan təşkil olunmuş mozaikanı xatırladırdı.

Renessans dövründə xüsusilə İtaliyada bu tipli qeyd kitabçaları geniş yayılmışdı; onları «zibaldonu» (qarışıq, həftəbecər) adlandırırdılar. Lakin həmin qeyd kitabçalarının heç biri məzmun etibarilə da Vinçininki qədər zəngin, maraqlı, rəngbərəng deyil. Ümumilikdə on minlərlə səhifədən ibarət bu qeydlər tədqiqatçılar üçün əvəzolunmaz mənbə, Leonardonun yaradıcı axtarışlarının sənədli sübutudur.

Mütləq deməliyik ki, haqqında danışdığımız əlyazmalarda müəmmalı məqamlar da az deyil. Məsələn, Leonardo öz qeydlərinə tarix qoymadığı üçün onların ardıcıllığını müəyyən etmək mümkünsüzdür. Ölümündən sonra onun bir çox kitabçaları başqalarının əlinə keçdi, sonralar isə auksionlarda satıldı. Bu əlyazmaları toplayan kolleksionerlərdən Pompeo Leonini ayrıca qeyd etmək lazımdır. Milanın məşhur Abroziano muzeyində Leoninin müxtəlif mənbələrdən topladığı 2238 səhifə əlyazma yer alır. Britaniya kitabxanasında isə da Vinçiyə aid 579 səhifəlik əlyazma saxlanılır. Dünyaca məşhur kompüter maqnatı, «Microsoft» şirkətinin qurucusu və sahibi Bill Qeytsin şəxsi kolleksiyasında da Leonardonun qeyd kitabçalarından səhifələrə rast gəlmək mümkündür. Ümumiyyətlə isə da Vinçinin əlyazmaları İtaliya, Fransa, İngiltərə, İspaniya, ABŞ kimi dünyanın müxtəlif ölkələrində qorunur.




Da Vinçi Milan hersoqunun sarayında


Nəhayət, Lodoviko Sfortsa günlərin bir günü Leonardo da Vinçini saraya dəvət etdi: ancaq memar və ya mühəndis kimi yox, şənliklərin və tamaşaların quruluşçusu kimi! Məsələ burasındadır ki, hələ Florensiyada, Verokkionun şagirdi olarkən, Leonardo bir neçə teatr tamaşasının və bayram şənliklərinin hazırlanmasında yaxından iştirak etmişdi.

Lodoviko tarixi, eləcə də Bibliya[14 - Bibliya – xristianlığın əsasını təşkil edən və müqəddəs hesab olunan kitab] personajlarının gen-bol yer aldığı tamaşalara xüsusi əhəmiyyət verirdi. Bu tamaşalardan özünün və mənsub olduğu Sfortsa sülaləsinin təbliği məqsədilə gen-bol istifadə edilirdi. Ona görə də Milan hersoqu belə tamaşaları bütöv bir istehsalat sahəsinə çevirmişdi. Memarlar, mexaniklər, musiqiçilər, şairlər, hərbi mühəndislər – tamaşaların hazırlanmasında bütün bu peşə sahibləri yaxından iştirak edirdi. Özünü bu peşə qruplarından hər birinə aid edən Leonardo üçün Sfortsanın sarayında yaxşı imkan yaranmışdı. O, sarayda bir çox tamaşalara tərtibat verdi. Onların arasında «Planetlərin maskaradı» da Vinçiyə xüsusi uğur qazandırdı. Belə ki, Leonardonun yaşıdı olan Lodoviko özünün toy mərasimini təşkil etməyi də ona tapşırdı. 1496-cı ildə o dövrün ən qəribə pyeslərindən birini – Lodovikonun saray şairi Baldassare Takkonenin əsərini də Leonardo səhnələşdirdi.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Da Vinçinin əlyazmaları arasında dekorasiyaları sürətlə dəyişdirən və səhnədə xüsusi effektlər yaradan mexanizmlərin çertyojlarını görmək mümkündür. Teatr tamaşalarının bədii və texniki tərəfləri onu eyni dərəcədə maraqlandırırdı. Leonardonun böyük həvəslə düzəltdiyi mürəkkəb qurğular, mexanizmlər havaya qalxır, fırlanır, yerini dəyişir, canlı kimi hərəkət edirdi. Tamaşaçılar bütün bunları heyranlıqla izləyirdi. Tamaşa tərtibatçısı kimi Leonardo həm öz işindən həzz alır, həm də əldə etdiyi vəsaitlə bütün ehtiyaclarını ödəyə bilirdi. Bu işin başqa bir üstünlüyü də vardı – o, istər-istəməz, fikrində tutduğu, planlaşdırdığı işlərin bir qismini yerinə yetirirdi. Rəssamlıqdan fərqli olaraq tamaşaları vaxtında hazırlayıb təhvil verməli idi. Pərdə qalxınca səhnədə hər şey hazır olmalı idi. Burada ideyaları cilalamaq, daha da təkmilləşdirmək üçün aylarla baş sındırmağa vaxt qalmırdı.

Məhz həmin dövrdə düzəltdiyi bəzi qurğular, o cümlədən mexaniki quşlar və aktyorlar üçün qanadlar Leonardonu yeni elmi axtarışlara sövq edirdi. O, quşların uçuşunu öyrənir, uçan aparat düzəltmək barədə düşünürdü. Teatr jestləri ilə yaxından maraqlanan Leonardo sonralar onlardan özünün rəsm əsərlərində istifadə elədi.

Leonardo Milan hersoqunun sarayına əliboş gəlməmişdi: özünün düzəltdiyi musiqi alətini Lodovikoya hədiyyə gətirmişdi. Bu alət yeddi simli idi və lira adlanırdı. Simlərdən beşini yayla, ikisini isə barmaqla çalmaq lazım idi. Vazari yazır: «At başı formasında düzəldilmiş alətin böyük hissəsi gümüşdən idi. Ümumiyyətlə isə o, kənardan çox qəribə təsir bağışlayırdı; səsi daha gur, daha məlahətli çıxırdı».

Naməlum bir müəllifin yazdığına görə, Leonardo liranı çox məharətlə çalırdı. Çox zəngin repertuarı vardı, klassik musiqi ilə bərabər, özünün bəstələdiyi musiqi parçalarını da ifa edirdi. Bir dəfə Florensiyada keçirilən musiqi yarışmasında qalib olmuşdu. Dövrünün məşhur həkimlərindən və humanistlərindən[15 - Humanist – XIV əsrdə İtaliyada təşəkkül tapan və sonradan digər Avropa ölkələrində geniş vüsət alan humanizm cərəyanının tərəfdarı. Latın mənşəli sözdür, mənası «insani» deməkdir. Humanistlər hesab edirdilər ki, hər kəs şəxsiyyət kimi inkişaf etmək azadlığına malikdir. Bu inkişaf isə yalnız onun öz qabiliyyətləri sayəsində mümkündür.] biri, eyni zamanda Leonardonu çox yaxından tanıyan Paolo Covio yazır: «O, lira çalır, gözəl səslə oxuyurdu. Bu zaman ətrafdakılar onu heyranlıqla dinləyirdilər». Maraqlıdır ki, da Vinçinin əlyazmaları arasında bəstələdiyi musiqi əsərləri yoxdur. Leonardo hersoqun sarayında ifa edərkən not kağızlarına baxmır, əvvəlcədən heç nə bəstələmirdi – o, sadəcə olaraq, improvizə edirdi.

Ümumiyyətlə, da Vinçi yeni musiqi alətlərinin hazırlanmasına işinin bir parçası kimi baxırdı. Onun qeyd kitabçalarında həmin alətlərin eskizlərinə tez-tez rast gəlmək olar. Bu qəribə, bənzərsiz musiqi alətləri, doğrudan da, görənləri heyran qoyur. Leonardo əvvəlcə kağız üzərində bir neçə ənənəvi musiqi alətinin rəsmini çəkir, sonra onların əsasında yenisini hazırlayırdı. Bunun üçün o, müxtəlif heyvanların ayrı-ayrı bədən hissələrini birləşdirir, əjdahaya bənzər xəyali məxluq düzəldirdi. Məsələn, düzəltdiyi musiqi alətlərindən biri dimdiyi və qanadı olan, başı isə təkə başına bənzəyən əcaib məxluqu xatırladır. Alətin simlərinin bir ucu həmin məxluqun dişlərinə bağlanıb.

Leonardo barabanların və simli musiqi alətlərinin çıxardığı səslərin tonallığını[16 - Tonallıq – musiqi ladının (kökünün), xromatik qammanın bu və ya digər pərdəsinin düzülüşündən asılı olaraq çıxardığı səslərin səciyyəvi xüsusiyyəti] nəzarətdə saxlamaq üçün yeni-yeni üsullar fikirləşib tapırdı. Eyni zamanda müxtəlif səs tonu olan baraban tipli alətlər hazırlamağa cəhd edirdi. Məsələn, düzəltdiyi uzun silindrli barabanların birində fleyta dəliklərinə bənzər deşiklər açmışdı. Leonardonun düzəltmək istədiyi ən mürəkkəb musiqi aləti isə violençellə orqanın hibrididir.

Bir sözlə, Leonardo qarşısına növbəti ciddi məqsəd qoymuşdu: daha mükəmməl musiqi alətləri icad etmək! Nyu-York Metropoliten muzeyində mühafiz işləyən Emanuiel Vinternits yazır: «Da Vinçinin düzəltdiyi alətlər heç də saray əyanları və ya adi tamaşaçılar qarşısında fokus göstərmək üçün nəzərdə tutulmamışdı. O, sadəcə qarşısına müxtəlif məqsədlər qoyur, həmin məqsədlərə çatmaq üçün səy göstərir və buna nail olurdu». Lakin musiqi, şübhəsiz ki, xüsusilə sarayda onun mövqelərinin möhkəmlənməsinə, rifahının yaxşılaşmasına kömək edirdi. Eyni zamanda musiqi ona perkussiyanı – səs dalğaları, onların əks olunması və zərbədən yaranan titrəyişlər haqqında elmi daha dərindən öyrənmək imkanı yaradırdı. Təsadüfi deyil ki, həmin vaxtlar o, səs və su dalğalarının oxşar təbiəti haqqında düşünməyə başlamışdı.

Milan hersoqunun sarayında olarkən Leonardo alleqorik[17 - Alleqorik – hər hansı bir mücərrəd məfhumun, fikrin, ideyanın konkret bədii surətdə əyani ifadəsi (ədəbiyyatda, heykəltəraşlıqda, rəssamlıqda)] rəsmlər və qrotesklər[18 - Qrotesk – təsviri sənət, teatr və ədəbi əsərdə insan və əşyaları eybəcər – komik təsvir edən fantastik ifrat mübaliğə] də çəkir. Məsələ burasındadır ki, Lodoviko mürəkkəb məzmunlu gerbləri, müəmmalı təsir bağışlayan gerbləri, nişanları və məcazi mənalar ifadə edən şəcərə emblemlərini xoşlayırdı. Beləliklə, Leonardonun alleqorik rəsmləri meydana gəldi. Çox güman ki, bu rəsmlər sarayda nümayiş olunurdu. Bəzən isə da Vinçi onlara şifahi izahlar və şərhlər vermək məcburiyyətində qalırdı. Çünki həmin rəsmləri anlamaq elə də asan deyildi. Onun bir sıra bu cür rəsmlər çəkməkdə məqsədi hersoqun istənilən əməllərinə haqq qazandırmaq, gördüyü hər işi qabartmaq idi. Belə rəsmlərdən birində cavan xoruz (xoruzbeçə) təsvir olunub. Ona bir dəstə quş, bir neçə tülkü, eləcə də əcaib məxluqlar hücum edir. Lakin Lodovikonu iki gözəl xüsusiyyət qoruyur: bunlar Ədalət və Ağıldır. Ədalətin əlində fırça və ilan, həmçinin Sfortsa şəcərəsinin simvolları, Ağılın əlində isə güzgü var.

Düzdür, Leonardonun alleqorik rəsmləri başqalarının özəlliklərini ifadə etmək üçün çəkilirdi. Lakin həmin şəkillərdə onun özünün də iztirabları aydın əks olunub. Bu mənada Paxıllığın təsvir olunduğu rəsmlər xüsusilə səciyyəvidir. «Comərdlik doğulan kimi Paxıllıq da dünyaya gəlir və ona hücum etməyə başlayır», – o, rəsmlərdən birinin altında belə yazır. Rəsmdən aydın olur ki, Leonardonun özü də dəfələrlə paxıllıqla üzləşməli olub. Eyni zamanda bu hissi həm özündə, həm də başqalarında müşahidə eləyib. Leonardo Paxıllığı bir neçə alleqorik rəsmdə göstərməyə çalışıb. Həmin rəsmlərdə Paxıllıq arıq-quru, sinəsi sallanan, skeletə minən, iməkləyən cadugər qarı kimi təsvir olunur. Leonardo bu obrazı belə şərh edir: «O, Ölümün belində oturub, çünki Paxıllıq heç vaxt ölmür, həmişə meydan sulayır». Başqa bir rəsmdə Paxıllığın dilindən ilan çıxır, Comərdlik isə, zeytun ağacının budağını onun gözünə soxmağa çalışır…

Leonardonun Sfortsa sarayında insanları əyləndirmək üçün çəkdiyi karikaturalar qrotesk janrının ən yaxşı nümunələrindən sayıla bilər. Müxtəlif muzeylərdə onun çəkdiyi iyirmiyə yaxın orijinal karikatur saxlanır.




Vegetarian Leonardo


Da Vinçinin müasirləri – məşhur riyaziyyatçı Luka Paçolidən (1445–1514) tutmuş görkəmli memar Donato Bramante (1444–1514) və şair Pyattino Pyattiyə (1441–1508) qədər hər kəs Leonardo haqqında qiymətli yoldaş, yaxşı dost kimi söhbət açır.

Leonardo şux geyinib gəzməyi xoşlayırdı. Başqaları uzun libaslar geydiyi halda, onun əynindəki plaşın ətəyi yalnız dizlərinə çatırdı. Saqqalını sinəsinə qədər uzatmışdı, saçlarını isə hörürdü.

Gənc Leonardo ürəyində söz saxlamazmış, bütün fikirlərini dostları ilə bölüşərmiş. Üstəlik, əliaçıq adam kimi tanınırmış. «Çox səxavətliydi… ehtiyacı olana da əl tuturdu, olmayana da…» – Vazari yazır. Da Vinçi varlanmaq, mal-mülk sahibi olmaq arzusunda deyildi. Yəqin, bu səbəbdən qeyd kitabçalarından birində yazırdı: «Var-dövlət hərisliyi bəzilərinin gözünü tutub, ağıla-biliyə can atmaq istəyindən məhrumdurlar; ağılın həqiqi zənginliyi isə məhz bilik, müdriklikdir». Elə ona görə də Leonardo çoxlu pul qazanacağı sifarişlərin üzərində işləməkdənsə, vaxtını yaradıcı axtarışlara həsr etməyə üstünlük verirdi. Lakin evin ehtiyaclarını ödəmək imkanında idi. Vazari yazır: «Demək olar, heç nəyi yox idi, az qazanırdı, buna baxmayaraq nökər tutmuşdu, at saxlayırdı». Leonardo atları çox sevirdi, ümumiyyətlə, isə bütün heyvanlara böyük şəfqətlə yanaşırdı. Bəzən quş bazarına yolu düşən Leonardo satıcıların haqqını verib qəfəsləri açır, quşları azadlığa buraxırdı. Elə heyvan sevgisi səbəbindən vegetarian idi, ət yemirdi. Buna baxmayaraq, evdəkilərə tez-tez ət alırdı. «O, birənin də həyatına qıymazdı, – dostlarından biri yazırdı. – Əynində həmişə kətan geyimlər olurdu, çünki ölü heyvanların dərisini geymək istəmirdi».

Leonardonun qeyd kitabçalarında ət yeyənləri qınayan fikirlərə tez-tez rast gəlinir. «Əgər sən heyvanların şahısansa, – o, insana müraciətlə yazırdı, – onda niyə yalnız qarnın haqqında düşünür, digər heyvanlara qənim kəsilirsən?»

Da Vinçi hamını «sadə yeməklər» lə, yəni meyvə-tərəvəzlə kifayətlənməyə çağırırdı. Onun bu çağırışları elmi əsaslara dayanır, eyni zamanda özünəməxsus əxlaqi-mənəvi dəyərlərə söykənirdi. Leonardo bilirdi ki, bitkilərdən fərqli olaraq, heyvanlar ağrını hiss edirlər. «Təbiət hərəkət etmək iqtidarında olan canlılara ağrını hiss etmək qabiliyyəti verib. Buna görə də onlar hərəkət edərkən xəsarət almamağa çalışır, ehtiyatlı tərpənirlər. Bitkilər isə hərəkətsizdirlər, odur ki ağrını duymurlar» – Leonardo belə düşünürdü. Bu səbəbdən də «ağrını hiss edən» canlılarla qidalanmağı vəhşilik əlaməti sayırdı.




Nəhəng «at»ın kədərli sonluğu


1487-ci ildə Milan hakimiyyəti şəhərin baş kilsəsinə işıq qübbəsi qurmaq üçün ideyalar axtarırdı. Bunu eşidən Leonardo fürsətdən faydalanıb memar olduğunu bir daha bəyan etdi. Həmin il o, «ideal şəhər» layihəsini tamamlasa da, əvvəl yazdığımız kimi, heç kəsdə maraq doğura bilməmişdi. Ona görə də Milan kilsəsinin üzərində qübbə ucaltmaq üçün elan olunmuş müsabiqəni özünütəsdiq baxımından yeni imkan kimi qiymətləndirirdi.

Milan kilsəsi artıq yüz il idi ki, fəaliyyət göstərirdi, lakin hələ də ənənəvi qübbədən məhrum idi. Bir neçə memar bu mürəkkəb işin öhdəsindən gələ bilməmiş, uğursuzluğa düçar olmuşdular. Leonardo dərhal bu layihə üzərində işə başladı. Elə həmin vaxt da dövrünün ən istedadlı memarları Donato Bramante və Françesko di Corcio ilə tanış oldu. Yeri gəlmişkən, sonralar bu tanışlığın və dostluğun nəticəsində bir neçə ölməz rəsm əsəri meydana gəldi.

Da Vinçi belə hesab edirdi ki, qübbəni hazırlamazdan öncə Milan kilsəsinin divarlarını möhkəmlətmək lazım idi. O bu məqsədlə ayrıca bir layihə işlədi. Sonra dülgər tutub fikrində tutduğu qübbənin taxta modelini düzəltdirdi. Model müsabiqədə xüsusi diqqət çəkdi. Elə ona görə də Leonardo böyük bir sifariş aldı: hersoq Lodoviko ona atası Françeskonun şərəfinə abidə hazırlamağı tapşırdı. Da Vinçi mərhum hersoqu at belində təsvir etməliydi. Bu işi həyata keçirmək üçün Leonardoya rəsmi maaş kəsdilər və xüsusi ev ayırdılar.

Belindəki süvari ilə birlikdə tunc atın çəkisi nə az, nə çox, düz 75 ton olmalı idi. Həmin vaxtadək bu böyüklükdə abidə düzəldilməmişdi. Heykəl Françeskonun xatirəsini əbədiləşdirmək üçün nəzərdə tutulmuşdu; Lakin da Vinçini Leonardonu süvaridən çox, atın özü maraqlandırırdı. Buna görə də Leonardo və başqaları da abidə haqqında söz açarkən, onu sadəcə «ilcavallo» (yəni at) adlandırırdılar.

Da Vinçi öz işinə o qədər aludə olmuşdu ki, hətta atın anatomiyası haqqında elmi əsər yazmaq fikrinə düşdü. İş o yerə çatdı ki, atların tövlədəki davranışlarını dərindən öyrənən Leonardo onları yemləmək və altını təmizləmək üçün xüsusi mexanizm işləyib hazırladı.

Nəhayət, o, atın gildən modelini düzəldib başa çatdırdı və bütün saray əhlinə nümayiş etdirməyə qərar verdi. Nəhəng model öz ehtişamı və gözəlliyi ilə hamını heyran qoydu. Məşhur yazar Baldassar Takkone bu haqda yazırdı: «Nə Yunanıstanda, nə də Romada belə möhtəşəm əsər olmayıb. Bu atın gözəlliyinə baxın: onu Leonardo da Vinçi təkbaşına düzəldib. Heykəltəraş, mahir rəssam, riyaziyyat bilicisi olan Leonardokimilər dünyaya az-az gəlir». Əsəri tərifləyənlər sanki səs-səsə vermişdilər: bir ağızdan Leonardonun bütün heykəltəraşlardan üstün olduğunu deyirdilər. Məsələn, Paolo Covio yazırdı: «Gildən düzəldilmiş bu at qaçır, nəfəs alır. Sanki canlıdır!»

O vaxtlar böyük tunc heykəlləri ənənəvi olaraq hissə-hissə tökürdülər: başı, ayaqları və bədəni tökmək üçün ayrı-ayrı formalar düzəldir, sonra onları birləşdirirdilər. Daim mükəmməlliyə can atan Leonardo isə düzəltdiyi nəhəng atı bütöv tökməyi qərara aldı. Odur ki bunun üçün xüsusi mexanizm işləyib-hazırlamağa başladı. Lakin tezliklə onun bütün planları alt-üst oldu. 1494-cü ildə Fransa kralı VIII Karlın orduları İtaliyaya soxuldu və Lodoviko at heykəlini tökmək üçün nəzərdə tutulmuş bütün tunc kütləsindən üç kiçik top düzəltdirdi. Lakin bu topların da heç bir köməyi olmadı: 1499-cu ildə fransızlar asanlıqla Milanı ələ keçirdilər. Fransız oxatanlar əylənmək üçün Leonardonun düzəltdiyi nəhəng gil atı oxla vurmağa başladılar. Axırda isə onu tamamilə dağıtdılar.




Hər şeyi bilmək həvəsi və müşahidə qabiliyyəti


Zaman keçdikcə Leonardonun iş prinsipləri də təkmilləşirdi. Gerçəklikdən və qeyri-müəyyən mülahizələrdən uzaq dayanır, nəzəri məsələlər üzərində baş sındırmaqdansa, təcrübələrdən əldə etdiyi nəticələri əsas götürməyə üstünlük verirdi. Başqa sözlə, da Vinçi əvvəlcə faktları nəzərdən keçirir, sonra onları ortaya çıxaran qanunauyğunluqları tapmağa çalışırdı. «Baxmayaraq ki təbiət səbəblə başlayır, təcrübəylə bitirir, biz bunun əksini etməliyik – təcrübədən başlayıb, alınan nəticənin səbəbini izah etməliyik», – o, belə yazırdı. Bir çox başqa sahələrdə olduğu kimi, bu məsələdə də Leonardo öz müasirlərini qabaqlamışdı. Da Vinçi elə bir dövrdə yaşayırdı ki, əksəriyyət şübhələrini dilə gətirməkdən, sual verməkdən və müstəqil təcrübə aparmaqdan çəkinirdi. Erkən intibah dövrünün humanistləri belə antik müəlliflərin mülahizələrini kor-koranə təkrarlayır, onları sınaqdan keçirmək barədə düşünmürdülər. Leonardo bu ənənəni sındırdı və bəyan etdi ki, elmi mülahizələr yalnız təcrübəyə əsaslanmalıdır. Da Vinçi öncə qanunauyğunluqları aşkarlayır, sonra müşahidələr və təcrübənin köməyi ilə onların nə dərəcədə əsaslı olub-olmadığını yoxlayırdı.

Leonardo maraqlı fenomenləri araşdırmaq üçün cürbəcür qurğular düzəldir, yeni-yeni üsullar fikirləşib tapırdı. Əlyazmalarından görünür ki, o heç vaxt yerində saymayıb. Fikirlərini, dünyagörüşlərini davamlı şəkildə təkmilləşdirib. 1490-cı illərdə Leonardo mütaliəyə ciddi vaxt ayırırdı; o, saysız-hesabsız kitab oxuduqdan sonra başa düşdü ki, yalnız təcrübədən alınan nəticələrlə kifayətlənmək doğru deyil. Bəzi hallarda nəzəri məsələlərə diqqət ayırmaq lazımdır, hətta qaçılmazdır. Çox keçmədən isə da Vinçi yalnız təcrübəyə bel bağlayan, heç bir nəzəri biliyi olmayan adamlara yuxarıdan aşağı baxırdı. «Elmsiz təcrübəyə meyil edən adam sükanı və kompası olmayan gəmiçiyə bənzəyir: hara getdiyini özü də bilmir», – o, 1510-cu ildə yazırdı.

Beləliklə, Leonardo XVI–XVII yüzilliklərdə yaşayan Qalileydən xeyli əvvəl, təcrübəni nəzəriyyə ilə uzlaşdıran ilk Qərb mütəfəkkirlərindən biri kimi müasir elmi inqilabın əsasını qoydu.

Müşahidələr aparmaqla nəzəri mülahizələr irəli sürən Leonardo sonralar Kopernik, Qaliley və Nyuton kimi hansısa alətlərdən yararlanmırdı. Əvəzində o, daha sadə metoda əsaslanırdı: təbiətdə nələrisə müşahidə elədikdən sonra müqayisələr yoluyla nəzəriyyələrə keçirdi. Da Vinçi sövq-təbii hiss edirdi ki, təbiətdə hər şey bir-birinə bağlıdır, odur ki ən müxtəlif hadisələr və təzahürlər arasındakı bağları böyük həvəslə qeydə alır, kağız üzərində əks etdirirdi. Amerikalı araşdırıcı Adam Qopnik yazır: «O, həmişə müqayisələrə əsaslanırdı; məsələn, venaların şaxələndiyi ürəyi cücərən rüşeymə, gözəl qadının saçlarını isə çağlayan suya bənzədirdi». Leonardo hətta musiqi alətləri icad edərkən insan qırtlağı ilə fleyta arasında analogiyalar aparırdı. Beləliklə, bizi əhatə edən dünyayla insan bədəninin quruluşu arasında müqayisələr ona maraqlı nəticələrə gəlmək imkanı verirdi. Misal üçün, qol-budaqlı ağaclar və qollara ayrılıb şaxələnən çaylarla insan bədənindəki arteriyalar arasında oxşarlığa diqqət çəkərək yazırdı: «Ağacın birlikdə bütün budaqlarının yoğunluğu gövdəsinin yoğunluğuna bərabərdir; eləcə də çayın bütün qollarının eni – onlar eyni sürətlə axırsa – əsas məcranın eninə bərabərdir». Onun müşahidə yoluyla əldə etdiyi bu nəticəyə indinin özündə belə tez-tez müraciət olunur və «da Vinçi qaydası» adlanır. Sadəcə burada bir «əmma» var: da Vinçi qaydası yalnız budağı çox da böyük olmayan ağacların nümunəsində özünü doğruldur.

Leonardo müşahidələri və müqayisələri əsasında daha bir qanunauyğunluq aşkarlamışdı: işıq, səs və çəkic zərbəsinin yaratdığı əks-səda həm şüa, həm də dalğa kimi yayıla bilir. Dəftərlərinin birində o, kiçik rəsmlərin köməyi ilə bu fiziki hadisələrin hər birinin dəyişən intensivliyini əks etdirmişdir. Hətta Niderland alimi Xristian Qügensi iki yüz il qabaqlayaraq dəlikdən keçən dalğaların difraksiyasını[19 - Difraksiya – fizikada işıq, səs və radioelektrik dalğaların qarşılaşdığı bəzi maneələri aşaraq keçməsi hadisəsi] belə göstərmişdi. Bununla da dövrü üçün olduqca mühüm bir kəşfə imza atmışdır.

Bir sözlə, hər şeyi bilmək həvəsi və müşahidə qabiliyyəti Leonardonun ən önəmli xüsusiyyətlərindən biri idi.

On yaşdan sonra insanların çoxu müəyyən suallarla əvvəlki kimi maraqlanmır: məsələn, səma niyə mavidir? Buludlar necə yaranır? Niyə əsnəyirik? Eynşteyn deyir ki, lap uşaqlıqdan başqalarının əhəmiyyət vermədiyi suallar onu daha çox maraqlandırırmış. Görünür o, məhz buna görə gec danışmağa başlamışdı. Öncə suallara cavab tapmaq, yalnız bundan sonra danışmaq!

Leonardo isə zamanında danışmağa başlasa da, hər şeyi bilmək həvəsi erkən yaşlarda özünü göstərmişdi. Bəlkə də, bu onun təbiətə vurğunluğundan qaynaqlanırdı. O, balacalıqdan təbiət aşiqi idi. Da Vinçinin hətta böyüdükdən sonra da cavabını aradığı suallar hədsiz çoxdu. Biz Leonardonun qeyd dəftərçələrində ciddi müşahidələr və geniş araşdırmalar tələb edən bir-birindən maraqlı mövzularla qarşılaşırıq: «Gözü hərəkət etdirən sinir hansıdır»; «Ana bətnindən başlayaraq insan həyatını təsvir et»; «Timsahın çənəsini, buzovun ciftini təsvir et» və s. Bu kimi məsələlərlə məşğul olmaq ciddi əmək tələb edirdi. Leonardo həddən ziyadə itigözlü və diqqətli olduğu üçün başqalarının gözucu baxıb əhəmiyyət vermədiyi şeyləri aydın görə bilirdi. Bir dəfə o, binaların arxasında şimşək çaxdığını gördü. Maraqlıdır ki, şimşək işığında evlər xeyli kiçik təsir bağışladı. Leonardo dərhal təcrübələrə başladı. O, bilmək istəyirdi ki, doğrudanmı işıqla əhatə olunmuş əşyalar öz ölçülərindən kiçik, qaranlıqdakı və ya duman içindəki əşyalar isə nisbətən böyük görünür? Da Vinçi fikir vermişdi ki, bir gözünü qapayıb əşyalara baxanda onlar daha yuvarlaq görünür. Bir sözlə, Leonardo da belə şeylər üzərində baş sındırır, bunların səbəbini tapmağa çalışırdı. Bir çoxları da Vinçinin «qeyri-adi dərəcədə itigözlü»lüyündən söz açır. Lakin Leonardo da adi insan idi. Onun son dərəcə itigözlü adam kimi ad çıxarmasında isə heyrətamiz heç nə yox idi. Qeyd dəftərçələrindən birində Leonardo diqqətli müşahidə aparmağın üsulu haqqında danışır: «Hadisənin və ya əşyanın bütün detallarını ayrı-ayrılıqda nəzərdən keçirmək lazımdır». Da Vinçi bunu, bir növ, kitab oxumaqla müqayisə edirdi: nə qədər ki kitabı bütöv halda görürük, orada nədən bəhs edildiyini, hansı mənaların ehtiva olunduğunu bilmirik. Bilmək üçün kitabı sözbəsöz oxumaq lazımdır. Müşahidə edərkən də addım-addım irəliləmək lazımdır. Hərəkəti müşahidə edərkən Leonardo xüsusilə diqqətli təsir bağışlayırdı. «İynəcə dörd qanadla uçur, ön qanadlar açılanda arxa qanadlar yığılır» – təsəvvür edirsinizmi, iynəcənin[20 - İynəcə – cücülər sinfinə aid heyvan]





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289247) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes


Примечания





1


Notarius – müxtəlif sənədləri, hüquqi aktları təsdiq etmək vəzifəsi daşıyan rəsmi şəxs




2


Kardinal – katolik kilsəsində Roma papasından sonra ali dini rütbə




3


Mesenat – elm, təhsil və mədəniyyətə himayədarlıq edən və ona maliyyə dəstəyi verən xeyriyyəçi




4


Renessans (İntibah dövrü) – Qərbi və Mərkəzi Avropa ölkələrinin mədəniyyət tarixində orta əsr mədəniyyətindən yeni dövr mədəniyyətinə keçid dövrü




5


Dukat – İtaliyada qədim zamanlarda gümüşdən, sonralar isə qızıldan düzəldilmiş pul vahidi




6


Traktat – ictimai-fəlsəfi mövzuda mühakimə xarakterli elmi əsər




7


İmpressionist – sənətdə realizmi qəbul etməyən, ictimai məsələlərdən yan keçən, daha çox ötəri təəssüratları canlandırmağa çalışan, məzmunun zərərinə olaraq formaya həddindən artıq önəm verən idealist cərəyanın (impressionizmin) tərəfdarı




8


Perfeksionist – həm özünə, həm də ətrafdakılara həddən artıq tələbkar yanaşan, məsuliyyət anlayışını dəhşətli dərəcədə şişirdən insan




9


Freska – suvağı qurumamış divar və ya tavan üzərində sulu boyalarla çəkilmiş şəkil




10


Odometr – velosiped, motosikl və s. kimi nəqliyyat vasitələrinin təkərlərinin fırlanması vasitəsilə gedilən yolun uzunluğunu ölçən cihaz




11


Bombardalar – müxtəlif çaplı ilk artilleriya qurğuları




12


Katapult – qədimdə qalaların mühasirəsi zamanı ox, daş və s. atmaq üçün işlədilən qurğu; mancanaq




13


Fut – 30 sm 48 mm-ə bərabər uzunluq vahidi




14


Bibliya – xristianlığın əsasını təşkil edən və müqəddəs hesab olunan kitab




15


Humanist – XIV əsrdə İtaliyada təşəkkül tapan və sonradan digər Avropa ölkələrində geniş vüsət alan humanizm cərəyanının tərəfdarı. Latın mənşəli sözdür, mənası «insani» deməkdir. Humanistlər hesab edirdilər ki, hər kəs şəxsiyyət kimi inkişaf etmək azadlığına malikdir. Bu inkişaf isə yalnız onun öz qabiliyyətləri sayəsində mümkündür.




16


Tonallıq – musiqi ladının (kökünün), xromatik qammanın bu və ya digər pərdəsinin düzülüşündən asılı olaraq çıxardığı səslərin səciyyəvi xüsusiyyəti




17


Alleqorik – hər hansı bir mücərrəd məfhumun, fikrin, ideyanın konkret bədii surətdə əyani ifadəsi (ədəbiyyatda, heykəltəraşlıqda, rəssamlıqda)




18


Qrotesk – təsviri sənət, teatr və ədəbi əsərdə insan və əşyaları eybəcər – komik təsvir edən fantastik ifrat mübaliğə




19


Difraksiya – fizikada işıq, səs və radioelektrik dalğaların qarşılaşdığı bəzi maneələri aşaraq keçməsi hadisəsi




20


İynəcə – cücülər sinfinə aid heyvan



Həyatı qeyri-adi hadisələrlə zəngin olan, özünəməxsus xarakteri ilə seçilən Leonardo da Vinçi haqqında yazılmış bu əsəri oxuduqca onun şəxsiyyəti bütün əzəməti ilə gözləriniz önündə canlandıracaq.

Как скачать книгу - "Leonardo da Vinçi" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Leonardo da Vinçi" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Leonardo da Vinçi", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Leonardo da Vinçi»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Leonardo da Vinçi" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги серии

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *