Книга - Linkoln

a
A

Linkoln
Karl Sendberq


Tarixi yaradanlar
Amerikalı şair, yazıçı və tarixçi Karl Sendberqin bir-birindən maraqlı faktlarla zəngin olan bu kitabı Avraam Linkoln haqqında ən yaxşı bioqrafik əsər sayılır.





karl Sendberq

Linkoln








Bəzi insanları həmişə, hamını isə bəzən aldada bilərsiniz, lakin hamını hər zaman aldada bilməzsiniz.

    Linkoln




Vəhşi Qərbdə keçən uşaqlıq və gənclik


1776-cı ildə məşhur İstiqlaliyyət Bəyannaməsi qəbul edildi. Bu, Amerika Birləşmiş Ştatlarının yaranmasını, xalqın suverenliyi ideyasını, bütün insanların qanun qarşısında bərabərliyini nəzərdə tutan bir sənəd idi.

Həmin dövrdə xam torpaqlarla zəngin Pokinham qraflığında Avraam Linkoln adlı bir zabit yaşayırdı. Avraam hindularla müharibəyə qoşulan Virciniya xalq könüllü dəstəsinin kapitanı olmuşdu. Ona atası Con Linkolndan 210 akr[1 - Akr – gündə bir cüt öküzlə şumlanan sahə. 1akr 4046,86 kv.m-dir (red.).] torpaq qalmışdı. İngiltərə, Şotlandiya, İrlandiya, Almaniya və Hollandiyadan gələn başqa köçkünlər kimi, Avraam da indi ailəsi ilə birgə qədimdən hindulara məxsus olan xam torpaqları kotanla şumlayırdı. Onun üç oğlu – Mordexay, Coşua, Tomas və iki qızı var idi.

1782-ci ildə Avraam və ailəsi hazırda paytaxtı Frankfort olan Kentukki ştatına köçdü. İki il sonra isə onun başına dəhşətli hadisə gəldi. Avraam uşaqları ilə tarlada işləyirdi. Bu zaman oğlanlar güllə səsləri eşitdilər. Atası «Hindulardır!» deyərək güllələrdən qorunmaq üçün yerə yıxıldı. Mordexay daxmaya cumdu, Coşua kömək çağırmaq üçün meşəyə qaçdı, altı yaşlı Tomas isə qanı axan atasının yanında qaldı. O, başını qaldırıb yanında dayanmış hindunu gördü. Elə bu vaxt hindu əllərini yana açdı və bükülərək yerə sərildi. Ona daxmanın pəncərəsindən atəş açan Mordexayın gülləsi dəymişdi.

Sonralar Tomas dülgərlik və xarratlıq sənətinə yiyələndi. İndi o, az da olsa oxumağı, soyadını yazmağı bacarırdı. On doqquz yaşında Kentukki ştatının könüllüləri sırasına daxil oldu. İyirmi dörd yaşında isə Kamberlend qraflığına konstebl[2 - Konstebl – ABŞ-da aşağı çin polis rütbəsi (red.)] təyin olundu. 1803-cü ildə Mill-Krik ətrafında özünə torpaq aldı.

Tomas Linkoln 1806-cı ildə iyirmi iki yaşlı Nensi Henks ilə evləndi. Bu qızı Nensi Sparrou da çağırırdılar, çünki Tomas və Elizabet Sparrouların evində böyümüşdü, onların ögey qızı idi. Nensinin iki qardaşı vardı: Con və Dennis. Bu qardaşlardan ən kiçik olan Dennis də Sparroular ailəsinin himayəsində böyüyürdü.

1807-ci ildə Nensinin qızı oldu, adını Sara qoydular. Bir il sonra ailə Nolin-Krik çayının sahilinə köçdü. Tomas öz kəsdiyi şalbanlardan daxma tikdi. Daxmanın kiçik pəncərəsindən uzanıb gedən çöllük görünürdü.

Saradan iki il sonra – 1809-cu ildə isə Nensi oğlan uşağı dünyaya gətirdi. Tomas ocağa odun qoyub Nensinin üstünü bərk-bərk örtərək iki mil[3 - Mil – əsasən ABŞ və İngiltərədə istifadə olunan məsafə ölçü vahidi. 1 mil 1420 metrə bərabərdir (red.).] aralıda yaşayan Sparrougilə yollandı. Onu kandarda həmin vaxt doqquz yaşında olan qaynı Dennis qarşıladı. «Nensi oğlan doğdu», – Tomas utana-utana dedi.

Dennis bunu eşidincə Linkolnların evinə tərəf götürüldü. Nensi şüvüllərdən düzəldilmiş yataqda uzanmışdı. O, körpədən gözünü çəkib Dennisin üzünə gülümsədi. «Nensi, ona nə ad qoyacaqsınız?» – Dennis soruşdu. «Avraam, – Nensi cavab verdi, – babasının adını daşıyacaq».

1811-ci ilin yazında Tomas ailəsini təzə yerə köçürdü. O Nob-Krikin sahilində 230 akr torpaq almışdı. Gənc ailənin yeni daxması məşhur Kamberlend yolunun yaxınlığında yerləşirdi. Bu yolda Birləşmiş Ştatların cənubuna üz tutan köçkünlərin furqonlarına, müxtəlif xırdavat mallarla alver edən çərçilərə (xırdavatçılara), kölələri qabaqlarına salıb aparan qul alverçilərinə rast gəlmək olurdu. Kentukkinin ən böyük şəhəri Luisvillə iclasa gedən konqresmenlər, qanunverici məclisin üzvləri də qəşəng faytonlarda buradan keçirdilər.

Balaca Avraam yerimək və danışmağı burada öyrəndi. Bir az böyüyəndə isə ev işlərində valideynlərinin köməyinə çatdı. Məktəb evdən dörd mil aralıda idi. Sara ilə Avraam hər gün bu yolu qət eləyirdilər. Şalbanlardan tikilmiş, döşəməsi torpaq olan həmin daxmada onlar əlifbanı və 10-a kimi saymağı öyrəndilər.

Tomas Linkoln xaraktercə saf və dürüst adam idi. Ancaq 1814-cü ildə sənəddə edilən bir səhv ucbatından Mill-Krikdəki fermasını satmalı oldu.

1816-cı ilin dekabrında Linkolnlar ailəsi dörd at və ən vacib ev əşyaları ilə birlikdə Kentukkidən şimala doğru üz tutdu. Onlar Amerikanın ən böyük çayı olan Missisipinin qolunu – Ohayonu keçərək İndianaya yetişdilər. Burada Tomas xeyirxah qonşularının və hələ səkkiz yaşına çatmayan balaca Avraamın köməyi ilə daxma tikdi. Avraam sonralar xatırlayırdı ki, balaca olmasa da, yaşından çox böyük görünürdü, üstəlik, ilk dəfə əlinə baltanı da həmin vaxt almışdı. Bu ən lazımlı aləti Avraam o vaxtdan etibarən bir də heç vaxt əlindən buraxmadı…

Həmin il ailə üçün ağır keçdi. Əsasən meşədə vurduqları maral, ayı, ördək, qaz əti ilə qidalanırdılar. Gecələr isə daxmanı ocaqda tüstülənən odunlar işıqlandırırdı.

1817-ci ilin sonlarında Linkolnların sahəsinə bir furqon yaxınlaşdı. Gələnlər köhnə dostları Tomas və Elizabet Sparroular idi. Yanlarında isə artıq on yeddi yaşı tamam olan gülərüz Dennis var idi.

Sparroular torpaqsız qalmışdılar, odur ki Linkolnların daxmasına sığındılar. Ancaq bir il keçmədi ki, Tomas və Elizabet Sparrounu «süd xəstəliyi» həyatdan apardı. Bu xəstəlik nəticəsində dildə ağ ləkələr əmələ gəlirdi. Güman edirdilər ki, inəklərin yediyi bəzi otlar onların südünü zəhərləyir. Həmin südü içənlər isə sağalmaz xəstəliyə tutulurdular.

Az sonra belə bir ağ ləkə Nensinin də dilində əmələ gəldi. O, öləcəyini bildiyindən uşaqları yanına çağırıb zəif səslə onlarla vidalaşdı. Bu vaxt tarix 1818-ci il oktyabrın 5-ni göstərirdi.

Nensinin ölümündən sonra evin iş-gücünün ağırlığı on iki yaşlı Saranın çiyinlərinə düşdü. İşi belə görən Tomas çıxış yolu tapdı: o, Kentukkiyə gedib çoxdan tanıdığı dul qadın Sara-Buş Constona evlənmək təklif etdi. Sara-Buş bu təklifə müsbət cavab verdi. Beləliklə, 1819-cu il dekabrın 2-də onlar evləndilər.

Bir səhər daxmalarına yaxınlaşan furqondan Sara-Buş Linkoln və onun ilk nikahdan doğulan üç uşağı – on üç yaşlı Sara, on yaşlı Matilda və doqquz yaşlı Con düşəndə, Sara ilə Avraam öncə mat qaldılar. Lakin çox keçmədi ki, Sara-Buş qəhrəmanımızın – Avraamın xoşuna gəldi. Həmin gündən Linkolnların birotaqlı daxmasında səkkiz nəfər yeyib-yatırdı.

Avraam əlifbanı öyrənən kimi əlinə keçən kitabları oxumağa girişdi. O, sonralar dəfələrlə demişdi: «Bilmək istədiyim hər şey kitablarda yazılıb. Mənim ən yaxşı dostum – hələ oxumadığım kitabı mənə verən adamdır».

Gənc Linkoln məktəb və kitablardan savayı, təhsilini başqa yollarla da alırdı. O bütün ailədəkilər və qonşular üçün məktublar yazırdı. Vəkillərə qulaq asmaqdan və onların işi necə apardığını öyrənməkdən ötrü 30 mil yolu getməyə ərinmirdi. Belə ki, qaynar hadisələrin cərəyan elədiyi şəhərlərə gedib siyasi natiqlərə qulaq asır, onların deklamasiyasını[4 - Deklamasiya – hər hansı mətni ruh yüksəkliyi ilə, intonasiya, jest və mimikalarla söyləmək bacarığı (red.)] yamsılayırdı. Məhz həmin vaxtlarda ilk dəfə viskinin dadına baxdı və onun ağla, sağlamlığa heç nə vermədiyini başa düşdü. Papiros çəkməyi də sınadı və tütünü qətiyyən bəyənmədi.

Zaman keçdikcə Avraamın həyatında analığı böyük yer tuturdu. Dərdli, fikirli vaxtlarında Sara-Buş onun dostuna, sirdaşına çevrilirdi.

Günlərin bir günü Avraam iş axtarışına çıxdı və Ohayo çayının sahilinə yollandı. Orada paroxodlar, kənd təsərrüfatı məhsullarının daşındığı yastıdibli qayıqlar, sənaye mərkəzlərindən mallar gətirən gəmilər gördü. İlk dəfə burada birinci qayığını düzəltdi, sərnişinləri sahildən aralıda dayanan paroxodlara daşımağa başladı.

Bir müddət sonra isə Missisipi çayı ilə Yeni Orleana qayıqla satmağa ərzaq aparan gənc Linkoln ilk dəfə böyük şəhər gördü. İri gəmilər buradan Avropaya pambıq, şəkər, tütün və ərzaq daşıyırdılar. Müxtəlif xalqların dənizçiləri burada vurnuxur, ucadan danışır, bərk hay-küy salırdılar. Eşitdiyi və mənasını anlamadığı yad kəlmələr uzaq İndianadan gələn gənci heyrətləndirmişdi. Şəhərin küçələrində ingilislərə, fransızlara, ispanlara, meksikalılara, azad zəncilərə, eləcə də qolları qandallı qullara rast gəlmək olurdu. Həmin qullar pambıq plantasiyalarına aparılırdı.

1829-cu ildə Avraam bir müddət dükanda işlədi. Bu o vaxt idi ki, qəhrəmanımızın həyatında yenə dəyişikliklər gözlənilirdi. Belə ki, atası Tomas ailə üzvləri ilə birgə İllinoysa köçməyi qərara almışdı. Ailə başçısının bu cür qərar verməsi səbəbsiz deyildi: Toması «süd xəstəliyi»nin ətraf məntəqələrdə yayılmağa başlayan yeni dalğası qorxudurdu. O, mal-mülkü dəyər-dəyməzinə satıb ev əşyalarını yükləyərək 1830-cu il martın 1-də ailəsi ilə yola düzəldi.

Linkolnların qarşısında böyük çöl uzanıb gedirdi. Sıx ot qurşağa çatırdı. Rast gəldikləri köçkünlər deyirdilər ki, bu xam torpağı əkib-becərmək üçün bir xeyli kotan sındırıblar.

Linkolnlar iki yüz mil yol qət edib İllinoysda Meykon qraflığına yetişdilər. Bu da təsadüfi deyildi – Tomasın böyük qaynı Con Henks daha əvvəldən orada yaşayırdı. Con yeni gələnlər üçün seçdiyi torpağı göstərdi. Hətta daxma tikməkdən ötrü şalbanlar da hazır idi. Odur ki tezliklə ev hazır oldu.

Burada keçən yeknəsəq həyatı bir hadisə pozdu. 1830-cu ilin yayında Avraam Linkoln ilk siyasi çıxışını etdi. Buna qədər isə o, xeyli məşq etmiş, ağaclara, qarğıdalılara, kortof ləklərinə üz tutub bəs deyincə nitq söyləmişdi. Haqqında bəhs etdiyimiz hadisəyə gəlincə, bu, seçki vaxtı qanunverici məclisə iki namizədin mitinqi zamanı baş verdi: Avraam söz alıb gəmilərin keçə bilməsi üçün Senqamon çayının yatağının genişləndirilməsini tələb etdi.

Tezliklə Linkolnlar ailəsi Koul qraflığına köçdü. Ancaq Avraam onlarla getmədi. Çünki onun öz planları var idi…




Nyu-Seylemdə keçən qaynar həyat


1831-ci ilin fevralında Con Henks, Avraam Linkoln və Co Conston sözü bir yerə qoyub Denton Offet adlı zirək bir işbazla razılığa gəldilər ki, onun üçün qayıq və yük gətirəcəklər. İyirmi iki yaşlı Avraam bundan sonra Senqamon çayı ilə yeni yaşayış yerinə yola düşdü. Qəhrəmanımız gənc idi, vur-tut 22 yaşı var idi, bununla belə, beynində ideyalar qaynayırdı. Onların həyata keçəcəyinə isə, yəqin, özü belə bir o qədər inanmırdı.

Avraam 1831-ci ilin avqustunda ilk dəfə seçkilərdə iştirak etdi. Səsvermə şifahi keçirilirdi. Hər seçici seçkini keçirən hakimlərə səs verdiyi namizədin adını deyir, klerklər[5 - Klerk – yazı-pozu işləri ilə məşğul olan idarə xidmətçisi (red.)] isə onu siyahıya salırdılar. Avraam bütün günü seçki məntəqəsində oldu, Nyu-Seylem sakinlərinin hamısının adını, sifətini yadında saxlamağa çalışdı.

Bundan bir qədər sonra Offetlə Avraam yeni dükan tikdilər. Sifariş verdikləri mallar gələndə qəhrəmanımız rəflər düzəltməyə başladı. Tezliklə Avraamın dürüst adam olduğu barədə ətrafda söz-söhbət gəzdi. Bu, səbəbsiz deyildi: o, bir dəfə hansısa qadına unutduğu qalığı qaytarmaq üçün altı mil yol getmişdi; başqa bir dəfə isə çəki daşında səhv etdiyini anlayıb müştərinin arxasınca onun evinə yollanmışdı.

Avraam asudə vaxtlarında yerli məktəbin müəllimi Qremdən dərs alırdı. Onunla birlikdə Nyu-Seylemə tibb kollecini bitirmiş Con Allen də gəlmişdi. O, təcrübəli həkim idi və israrla köləliyə qarşı çıxırdı. Hər cür havada çağırışa – xəstə yanına gedir, yalnız imkanlı adamlardan pul götürürdü. Bazar günləri isə çağırışa görə aldığı pulu kasıblara, xəstələrə verir, kilsənin ehtiyaclarına xərcləyirdi. O, Avraamın tanış olduğu ilk yanki[6 - Yanki – Şimal ştatlarında doğulub-yaşayan amerikalılara avropalılar tərəfindən verilən ad (red.)] idi.

Həmin illərdə qəhrəmanımız dostluq etdiyi hakim Boulinq Qrindən hüquq elmini və müxtəlif sənədləri tərtib etməyi öyrənirdi. O, 1832-ci il martın 9-da ən cəsarətli və ən məsuliyyətli sənədini yazdı. Bu, siyasi fəaliyyətə başladığına və İllinoys ştatının qanunverici məclisinə öz namizədliyini verdiyinə dair bəyannamə idi. Sprinqfild şəhərinin «Senqamo cornel» qəzeti həmin bəyannaməni çap etdi. Sənədin yazılma tərzindən görünürdü ki, gənc namizəd bir az utanır, ancaq öz ideyalarını bəyan etməkdən qorxmur və onları müdafiə etməyə hazırdır.

Bəziləri Nyu-Seylemə dəmir yolu çəkilməsini təklif edirdi. Bu iş çox baha başa gələ bilərdi. Paroxod nəqliyyatını təşkil etmək yeganə çıxış yolu idi. Elə Avraam da Senqamon çay yatağının dərinləşdirilməsi ilə bağlı işlərin görülməsinə tərəfdar çıxdı. Üstəlik, əgər seçilərsə, bunun həyata keçməsi üçün əlindən gələni edəcəyinə söz verdi.

1832-ci ilin aprel səhərlərinin birində Nyu-Seylemə bir atlı çapıb gəldi. O, qubernatorun əmrini gətirmişdi. Əmrə əsasən 400 nəfər könüllü aprelin 24-də İllinoys ştatının tabeliyindəki Berdstaunda olmalı idi. Ümumiyyətlə isə, bütün sərhəd ştatları hindularla müharibəyə cəlb edilirdi. Bu, səbəbsiz deyildi: iki hindu qəbiləsinin «Qara Qırğı» adlandırılan 67 yaşlı başçısı Missisipini keçib İllinoysa soxulmuşdu.

Həmin qəbilələr yüz illər ərzində bu çöllərdə balıqçılıqla, kənd təsərrüfatı ilə məşğul olmuşdular. Sonra ağ adamlar gəlib onları müqavilə imzalamağa məcbur etmişdilər ki, Missisipidən qərbə getsinlər. İndi Qara Qırğı deyirdi ki, «torpaq satıla bilməz, yalnız insanın özü ilə daşıya biləcəyi şey satıla bilər». Lakin ağ adamlar fənd işlətmiş və onları keflənənə qədər içirdib, bu torpaqların satıldığına dair razılaşmaya qol çəkdirmişdilər.

Avraam kimdənsə at götürüb dostlarına, qonşularına qoşulmaq üçün doqquz mil aralıda yerləşən Riçland-Krikə getdi. Könüllülərə kapitan seçmək məsələsi gələndə, Avraamla Kirkpatrik adlı adamın namizədliyi irəli sürüldü. Toplaşanların əksəriyyəti qəhrəmanımızın tərəfini tutdu. İşi belə görən Kirkpatrikin tərəfdarları da Avraamın səfinə keçdi. İllər sonra Avraam bu hadisəyə heyrət etdiyini yazmışdı. Həyatında heç bir uğur onu bu qədər məmnun eləməmişdi…

Hər iki tərəfdən çoxlu itkiyə səbəb olan müharibə iki ay yarım sürdü. Axırda Qara Qırğı əsir götürülüb paytaxt Vaşinqtona aparıldı. Orada Birləşmiş Ştatların yeddinci, Demokratlar partiyasının isə ilk prezidenti Endrü Ceksonla (1767–1845) görüşən hindu ona demişdi: «Mən də insanam, siz də… Mən daha dözə bilmədiyim təhqirə görə müharibə baltasını götürməli oldum… Daha sözüm yoxdur, qalanını onsuz da özünüz bilirsiz».

Linkoln səksən gün savaşda oldu. Həmin günlərdə amerikalı könüllülərin qəlbini oxudu, adamların müharibəyə nə üçün getdiklərini, palçıqda necə fədakarcasına addımladıqlarını, yağışlı havalarda soyuq torpağın üstündə nə üçün yatdıqlarını, öz niyyətləri naminə adam öldürməkdən belə çəkinmədiklərini gözləri ilə gördü. Bir sözlə, çox şey öyrəndi. Sonralar isə könüllülərdən söhbət düşəndə Avraamın gözləri yaşarırdı.


***

Yerli qanunverici məclisə seçki 1832-ci il avqustun 6-da baş tutmalı idi. Avraam bütün qraflığı gəzib camaat qarşısında çıxışlar edir, eyni zamanda fermerlərlə birlikdə ot biçib taxıl yığırdı. O həmin seçkilərdə səkkizinci yeri tutsa da, yaşadığı Nyu-Seylemdə 300 səsin 277-ni topladı.

Seçkilərdən sonra Avraam nə ilə məşğul olacağını bilmirdi. Bütün günü kitab oxuyur, bəzən isə saatlarla xəyallara dalırdı. Bu zaman heç kim onu narahat etmir, düşüncələrindən ayırmırdı. Məhz həmin günlərdə qəhrəmanımız bir auksiondan (hərracdan) hüquq elminə aid qiymətli dərslik aldı. Beləcə, daha böyük səylə hüquq öyrənməyə başladı.

1833-cü il mayın 7-də Linkolnun tərcümeyi-halında yeni səhifə açıldı: o, poçtmeyster təyin olundu. Qəhrəmanımızın vəzifəsi poçt vasitəsilə göndərilən qəzetləri alıb abunəçilərə çatdırmaq idi. Ancaq qəzetləri abunəçilərə verməmişdən əvvəl Avraam onları diqqətlə oxuyur, siyasi məsələlərlə bağlı məqalələrlə xüsusilə maraqlanırdı. Asudə vaxtlarında isə dəyirmanda, fermada, dükanda işləyib özünə çörək pulu qazanırdı.

1833-cü ilin sonunda Linkoln daha məsuliyyətli bir işə girişdi. Belə ki, Senqamon qraflığının baş yerölçəni ona yaşadığı yerə yaxın ərazilərlə məşğul olmağı – satışa çıxarılan torpaq sahələrini ölçüb qiymətləndirməyi təklif etmişdi. Avraam bu işə məmnuniyyətlə razılaşdı, nəticədə dolanışığı xeyli yaxşılaşdı.

Linkolnun artıq iyirmi beş yaşı var idi. Bəs onun həyatında qadınlar hansı yeri tuturdu? Analığı Sara-Buş oğlunun qadınlara elə də maraq göstərmədiyini deyib. Ancaq Linkoln bir dəfə öz dostuna ilk məhəbbətindən danışmışdı. Hələ uşaq vaxtı İndianada yaşayarkən evlərinin yanında bir furqonun çarxları sınır. Odur ki furqonun sahibi öz həyat yoldaşı və iki qızı ilə birgə bir müddət Linkolnların daxmasında yaşamalı olur. «Qadının cürbəcür kitabları var idi, – Linkoln dostuna danışmışdı – o həmin kitablardan bizə müxtəlif əhvalatlar oxuyurdu. Furqon sahibinin qızlarından biri yaman xoşuma gəlirdi. Onlar gedəndən sonra həmin qız haqqında çox düşündüm və özümdən qəribə əhvalat uydurdum». Bəs bu əhvalat nədən ibarət idi? Linkolnun dediyinə görə, furqon təmir olunur və sahibi ailəsini də götürərək yola düşür. Elə bu zaman qəhrəmanımız atasının atına minir və çaparaq furqona çatır.

Avraam daha sonra deyibmiş: «Qızla danışdım, onu razı saldım ki, mənə qoşulub qaçsın. Həmin gecə yolçular dincəlmək üçün furqonu saxlayanda qızı atın tərkinə mindirdim və birlikdə çöl-biyabana üz tutduq. Bir neçə saat dolaşdıqdan sonra bir də gördük ki, qaçdığımız yerə qayıtmışıq. Növbəti gecə yenidən qaçdıq. Ancaq at yenə əvvəlki yerə qayıtdı. Həmişə istəmişəm bu hekayəni yazıb çap elətdirəm. Ancaq sonra düşündüm ki, bu heç də hekayə deyil. Yəqin, olsa-olsa mənim ilk məhəbbətimdir».




Gənc qanunverici


1834-cü il aprelin 19-da Linkoln yenidən ştatın qanunverici məclisinin namizədlər siyahısına düşdü. O artıq vəkilliyə başlayan Con T.Stüartın rəhbərlik etdiyi viqlər[7 - Viqlər – vaxtilə Amerikada Britaniyadan asılılığı rədd edənlərə verilən ad (red.)] partiyasının fəal üzvlərindən biri idi.

Elə həmin il avqustun 4-də keçirilən seçkilərdə Senqamon qraflığından irəli sürülən 13 namizəd arasında Linkoln aldığı səslərin sayına görə ikinci yeri tutdu. Beləliklə, o, iyirmi beş yaşında ilk dəfə siyasi vəzifəyə seçilməyə nail oldu. Avraama kəsilən məvacib kifayət qədər yüksək idi – o, indiyə qədər heç vaxt bu qədər maaş almamışdı.

Seçkilərdən sonra Linkoln yenə öz poçt kontorunda oturur, üstəlik, torpaq sahələrini ölçüb qiymətləndirməyə davam edirdi. O, hindularla müharibədə mayor olan Con T.Stüartla daha da yaxınlaşmışdı. Stüart artıq iki il idi ki, qanunverici məclisin üzvü idi və bacarıqlı vəkil kimi tanınmışdı. Bundan başqa, siyasi fırıldaqlığı da əla bacarırdı. Boş yerə ona «Hiyləgər Cerri» demirdilər! Stüart qəhrəmanımızın hüquq elmlərinə yiyələnməsi üçün əlindən gələni edir, oxumaq üçün ona kitablar verirdi.

1834-cü ildə, noyabrın son həftəsində Linkoln qanunverici məclisin başqa üzvləri ilə birlikdə ştatın paytaxtı Vandeyliyaya yola düşdü. Əhalisi 800 nəfərdən ibarət olan şəhərdə iki qəzet çap olunurdu: biri demokratların, o biri – viqlərin. Şəhər böyük yolların kəsişməsində yerləşirdi. Çirkli, tozlu faytonlar bura müxtəlif yerlərdən sərnişinlər gətirirdi.

Linkoln burada Stüartla eyni otaqda qaldı. Stüart viqlərlə eyni cəbhədə dayanmışdı. Elə ona görə də qısa vaxtda həmin otaq viqlərin qərargahına çevrildi. Linkoln burada gələcəyin qubernatoru, konqresmeni, senatoru olacaq nüfuzlu şəxslərlə ilk dəfə görüşdü. Qanunvericilərin çoxu özləri ilə arvadlarını, qızlarını da gətirmişdilər. Nəticədə Linkoln əvvəllər ona məlum olmayan kübar həyatının ab-havasını duydu, hiss elədi.

Dekabrın 1-də ikimərtəbəli köhnə kərpic evin birinci mərtəbəsində qanunverici məclis öz işinə başladı. Linkoln həmin vaxt Sprinqfilddə yeni bankın yaradılması haqqında qanunun hazırlanmasında yaxından iştirak etdi. İllinoys çayını Miçiqan gölü ilə birləşdirən kanalın tikilməsinə səs verdi. O adətən Stüart və qanunverici məclisdə azlıqda qalan viqlərlə birlikdə hərəkət edirdi.

Növbəti il fevralın 13-də qanunverici məclis öz işini başa çatdırdı və Linkoln şaxtalı havada Nyu-Seylemə geri döndü. O, səsli-küylü həyatdan ayrılmış və kimsəsiz kənd yollarında dolaşmağa, ölçməli olduğu ucsuz-bucaqsız çöllərin təmiz havasını ciyərlərinə çəkməyə başlamışdı.

Bəs bu aylar ərzində Avraam necə yaşayırdı? Qəhrəmanımız köhnə vərdişinə aludə idi: hüquq elminə aid dərsliklərdən ayrılmaq bilmirdi. Onun hüququ öyrənmək istəyi elə güclü idi ki, dostları hətta onun sağlamlığına görə narahat olurdular.

Linkoln növbəti dəfə Vandeyliyaya gedəndə təpələri, düzləri qar örtmüşdü. Belə ki, qanunverici məclisin sessiyası 1835-ci il dekabrın əvvəllərinə təsadüf eləmişdi. İkinci mərtəbədə iclas keçirən senatorların işi asan deyildi. Çünki bu mərtəbədəki divarlar çatlamışdı, yarıqlardan içəri qar dolurdu, döşəmə isə az qalırdı çöksün… Bütün çətinliklərə baxmayaraq, altı həftə boyunca davam edən sessiyada ümumilikdə 139 qanun layihəsi müzakirə edildi.

1836-cı il yanvarın 18-də sessiya öz işini başa çatdırdı və Linkoln yenidən evə qayıtdı. Həmin il mayın sonlarında isə Nyu-Seylem sakinlərinə son dəfə poçtu paylayıb elan etdi ki, bundan sonra onların poçt kontoru Sprinqfilddə yerləşəcək.

İyunda yeni seçki kampaniyası başladı və Linkoln ştatın qanunverici məclisinə namizədliyini növbəti dəfə irəli sürdü. Məhz həmin vaxtlarda o, Sprinqfild məhkəməsində vəkil Corc Forkuerlə toqquşası oldu. Məsələ burasındadır ki, Forkuer demokratlar[8 - ABŞ-ın ilk siyasi partiyası olan Demokratlar Partiyası nəzərdə tutulur. 1828-ci ildə yaradılıb və hazırda Respublikaçılar Partiyası ilə birlikdə Birləşmiş Ştatların iki aparıcı partiyasından biri olaraq fəaliyyətini davam etdirir (red.)] hökumətindən məvacibi illik 3 min dollara yüksək vəzifə almışdı. Bundan sonra isə viqlərin partiyasından demokratların partiyasına keçmişdi. O öz qəşəng evinin damında, İllinoysda ilk dəfə ildırımötürən quraşdırmışdı. Adamlar hər yerdən xüsusi olaraq ona baxmağa gəlirdilər.

Məhkəmə iclasında öncə Linkolnun çıxış etdi və Corcu maddi maraq qarşılığında əqidəsini dəyişməkdə, bir növ, siyasi əxlaqsızlıqda günahlandırdı. Ardınca kürsüyə qalxan Forkuer ondan əvvəl çıxış edən gənci yerində oturtmalı olacağını deyərək sözə başladı və təsirli bir nitq söylədi, hərəkətinə haqq qazandırmağa çalışdı. Bu zaman Linkoln təzədən söz alaraq əllərini sinəsində çarpazlayıb rəqibin gətirdiyi dəlillərə sakitcə cavab verdi və sözünü öldürücü zərbə ilə yekunlaşdırdı: «Mən yaşamaq istəyirəm, – deyir, – yüksək mövqe tutmaq, tanınmaq istəyirəm. Ancaq bu centlmen (Forkuer nəzərdə tutulur – red.) kimi yaşamaqdansa, indi ölməyə üstünlük verərdim. O, ildə üç min dollar qarşılığında öz siyasi əqidəsini dəyişib, sonra da evində ildırımötürən quraşdırıb ki, özünü Tanrının qəzəbindən qorusun».

Bu hərarətli çıxışdan sonra dostları Linkolnu məhkəmə zalından çiyinlərində çıxardılar!

1836-cı ildə, avqustun ilk günündə seçkilər baş tutdu. Senqamon qraflığında viqlər qələbə qazandı. Onlar ştatın konqresində yeddi, senatda isə iki yer əldə etdilər.

Bu parlaq qələbədən sonra Linkoln imtahan verib İllinoys ştatının bütün məhkəmələrində vəkil kimi çıxış etmək hüququ qazandı. O həmin il oktyabrın əvvəllərində ilk dəfə Sprinqfild məhkəməsində vəkil olaraq çıxış etdi. Həmin vaxtdan Con T.Stüartla eyni hüquq firmasında çalışmağa başladı.

Senqamon qraflığından məclisə seçilən viqlərin, demək olar, hamısı uzunboylu olduğundan «Uzundraz doqquzluq» adlandırılırdılar. Onlar qarşıdan gələn sessiyada İllinoys ştatının paytaxtını Sprinqfildə köçürməyi planlaşdırmışdılar. «Uzundraz doqquzlar» öz məqsədinə çatmaq üçün xeyli əziyyət çəkməli oldular, digər qanunvericilərlə müəyyən sövdələşmələrə getməyə belə razılaşdılar. Nəticədə özləri üçün ən vacib məsələdə – paytaxtın Sprinqfildə köçürülməsində səs çoxluğu qazanmağı bacardılar. Bununla da Sprinqfild ştatın – İllinoysun yeni paytaxtına çevrildi.

Sessiyanın başa çatmasına üç gün qalmış isə Linkoln mühüm bir bəyanatla çıxış etdi. Söhbət quldarlıq məsələsindən gedirdi.

Həmin dövrdə Amerikanın cənub ştatlarında quldarlığa qarşı çıxmaq qadağan idi. Quldarlıq əleyhinə təbliğatçıları həbs, hətta edam edirdilər. Cənub ştatlarındakı üç milyon qul mal-qaraya bərabər tutulur, onlara qeyri-insani münasibət göstərilirdi. Nəticə etibarilə quldarlıq məsələsi ölkəni ikiyə parçalamışdı. Bununla bağlı nəinki siyasi partiyaların, kilsənin, hətta ailələrin daxilində qızğın mübahisələr yaranır, ikitirəlik ortaya çıxırdı.

Quldarlığa qarşı mübarizə aparanlar üzləşdikləri zülmlərdən qaçıb canını qurtarmağa çalışan zənciləri öz evlərində, zirzəmilərdə, anbarlarda gizlədir, onları gizli yollarla şimala ötürürdülər. Kölə sahibləri qulların arxasınca şimala gedir, bəzən İllinoysa da gəlib çıxırdılar.

Linkoln da quldarlığın əleyhinə idi. Hətta məclisdə quldarlığın ləğvinə qarşı qətnamə qəbul edilərkən Linkoln həmin sənədin əleyhinə səs vermişdi. «Uzundraz doqquzlar»ın üzvlərindən biri olan Robert Uilson bu hadisədən sonra yazırdı: «Linkoln bizi tez-tez təəccübləndirirdi. Biz onun rəhbərliyini qəbul etmişdik, o isə heç kimə tabe olmurdu. Fikri dağınıq olsa da, hamı ona hörmətlə yanaşırdı. O, azad insandır!».

Linkoln apreldə altı il əvvəl gəldiyi Nyu-Seylemi tərk etmək üçün öz əşyalarını topladı. O, indi buradan vəkil kimi, ştatın qanunverici məclisinin üzvü və yerli viqlərin lideri olaraq gedirdi.




Sprinqfilddə vəkil


İyirmi səkkiz yaşlı Avraam Linkoln 1837-ci il aprelin ortalarında Sprinqfildə gəldi. O, atını Coşua Spid adlı bir nəfərə məxsus mağazanın yanında saxlayıb içəri daxil oldu və yataq dəstinin qiymətini soruşdu. Spid qiyməti söylədi – 17 dollar. «Ucuz olsa da, – Linkoln dedi, – mənim bu qədər pulum yoxdur. Əgər mənə inanıb borca versəniz, vəkil kimi işim yaxşı gətirdiyi təqdirdə, borcunuzu mütləq qaytaracağam». Spidin ona ürəyi yandı və dükanın altındakı otaqda birlikdə qalmağı təklif etdi. Beləcə, onların dostluğu başladı və uzun illər davam etdi.

Yeri gəlmişkən, qəhrəmanımızın Senqamon dairə məhkəməsinin klerki Uilyam Batlrlə də dostluğu həmin dövrdə yaranmışdı. O, Linkolna evini təklif elədi, üstəlik, heç zaman ondan pul almayacağını dedi.

Dairə məhkəməsi Qofman küçəsindəki ikimərtəbəli binada yerləşirdi. «Stüart və Linkoln» yeni vəkil firması həmin binanın ikinci mərtəbəsini kirayələmişdi.

Stüartın başı namizədliyini konqresə irəli sürməyə qarışmışdı. Odur ki vəkillik işini Linkoln öz üzərinə götürmüşdü. Avraam boş vaxtlarında siyasətlə məşğul olur, müxtəlif ünvanlara siyasi məzmunlu müraciətlər, məktublar yazırdı. Siyasi və ictimai həyatın ən kəskin məsələlərindən biri isə hələ də quldarlıq olaraq qalmaqda idi.

1838-ci ildə Linkoln ştatın qanunverici məclisinə öz namizədliyini yenidən irəli sürdü. Avqustun 6-da keçirilən seçkilərin nəticələrinə görə isə 17 namizəd arasında birinci oldu!

Qanunverici məclisin sessiyası dekabrda öz işinə başladı. Həmin vaxt viqlər Linkolnun namizədliyini məclisin sədri vəzifəsinə təklif etdilər. Təklif səsverməyə qoyuldu, ancaq qəbul edilmədi. Bununla belə, Avraam məclisdəki viqlərin rəhbərinə çevrildi.

Növbəti ilin martında Sprinqfildə qayıdan Linkoln vəkilliklə məşğul olmağa davam etdi. Həmin dövrdə o, ağlını başından çıxaran qadınla tanış oldu.

«Uzundraz doqquzlar»dan biri, əsilzadə, İllinoysun keçmiş qubernatorunun oğlu Ninian B.Edvards qəhrəmanımızla eyni yaşda idi və onlar çox vaxt birlikdə olurdular. Edvardsın ikimərtəbəli kərpic evi var idi. 1839-cu ildə bu evə Leksinqtondan[9 - Leksinqton – ABŞ-nın Kentukki ştatında şəhər (red.)] bir qız gəlmişdi. O, iki il əvvəl də qısa müddətlik burada qalmışdı. İndi isə burada həmişəlik yaşamaq fikrində idi. Həmin qız Edvardsın baldızı – arvadının kiçik bacısı olan Meri Tod idi. Onların atası senator, üstəlik, Leksinqtonda fəaliyyət göstərən bir bankın prezidenti idi.

Meri Todun 21 yaşı var idi. Öz füsunkarlığı ilə göz qamaşdırırdı. Fransız dilində yazıb-oxumağı bilirdi. Bəs Meri ata evini niyə tərk eləmiş və Sprinqfildə üz tutmuşdu? Bunun səbəbi qızın analığı ilə yola getməməsi idi.

Linkoln və Meri 1840-cı ildə nişanlandılar. Edvardsla arvadı bu evliliyə qarşı idilər. Odur ki onlar Merini fikrindən daşındırmaq istəyir, səhv qərar verdiyini, Linkoln ilə cəmiyyətin ayrı-ayrı təbəqələrinə aid olduqlarına onu inandırmağa çalışırdılar. Ancaq Meri inadından dönmədi. O nə istədiyini bilirdi, Linkolnun gələcəyinin parlaq olacağına inanırdı.

Aylar ötdü. Linkoln bütün diqqətini öz işlərinə yönəltdiyindən Meri Toddan get-gedə uzaqlaşırdı. Onunla rəqsə, konsertə, məclislərə gedə bilmirdi. Meri isə onu qısqanır, vaxtını başqa kişilərin mühitində keçirirdi. Fürsət tapıb Linkolnla görüşəndə isə nişanlısını ona qarşı laqeydlikdə günahlandırırdı. Onlar mütəmadi dalaşır, sonra yenə barışırdılar. Nəhayət, toyun vaxtı təyin edildi. Ancaq nəsə baş verdi, oğlan, ya qız, ya da hər ikisi evlənməkdən imtina etdilər.

Qanunverici məclisin növbəti sessiyası başa çatandan sonra, sentyabrın ortalarında Linkoln İllinoysa qayıtdı.

Ayrılıq Linkolna çox pis təsir etmişdi. Bunu dostu Coşua Spidə yazdığı məktublardan da hiss etmək mümkündür: «…mənə elə gəlir, bədbəxt elədiyim qadın haqqında düşüncələr xoşbəxt olmağıma imkan vermir. Bu fikir məni məhv eləyir!»

Bu peşmançılığı sezən «Senqamo cornel» adlı qəzetin redaktorunun arvadı missis Frensis hərəkətə keçdi: o, Linkolnu təşkil etdiyi ziyafətə dəvət elədi və ziyafətin gedişində Avraamı miss Todla barışdırdı. Beləliklə, Linkoln yenidən Meri ilə dostlaşdı. Ancaq onlar nəyə görəsə bunu hamıdan gizlədirdilər.

Bir dəfə Frensislərin evində Meri qəhrəmanımızdan tələb etdi ki, toyun vaxtını təyin eləsin, əvvəllər olduğu kimi bunu çox sonraya saxlamasın. Linkoln iki-üç həftə sonra küçədə Ninian Edvardsla rastlaşdı və axşam Meri Todla toyu olacağını dedi. Edvards cavab verdi ki, o, Merinin qəyyumudur və toy onun evində olmalıdır. Həmin vaxt Linkolnun 33, miss Todun isə 24 yaşı vardı.

Aradan bir müddət keçdi. 1843-cü il avqustun 1-də Linkolnla Merinin oğlu oldu. Uşağın adını Robert qoydular.

1844-cü ildə isə Linkoln öz hüquq kontorunu açdı və Uilyam Qerndon adlı gənc vəkili özünə partnyor[10 - Partnyor – burada: birgə işgüzar münasibətdə olan tərəflər] götürdü…




Konqres üzvlüyünə namizəd


Linkoln 1842-ci ildə konqresə namizədliyini irəli sürmək fikrinə düşdü. O, istəyinə çatdı və konqresə, Nümayəndələr Palatasına[11 - ABŞ Nümayəndələr palatası – ABŞ Konqresinin aşağı palatası. Yuxarı palata isə Senatdır.] seçildi. Həmin dövrdə ABŞ-la Meksika arasında münasibətlər kəskinləşdi. Bunun səbəbi Birləşmiş Ştatların həmin vaxt Meksikanın tabeliyində olan Texas əyalətini özünə birləşdirmək istəməsi idi.

Linkoln 1845-ci ildə «Texas məsələsi» ilə elə də maraqlanmadığını yazmışdı. Baxmayaraq ki, Texas, Nyu-Meksiko və Kaliforniya ştatları böyük, eyni zamanda zəngin ərazilər idi. Ona görə də Birləşmiş Ştatlar həmin torpaqları hər vəchlə ələ keçirmək niyyətində idi.

1845-ci ilin martında konqres Texasın ABŞ-a ilhaqı ilə bağlı qətnamə qəbul elədi. İşi belə görən Meksika hökuməti həmin torpaqların ona məxsus olduğu barədə Birləşmiş Ştatlara ultimatum göndərdi. Bununla da kifayətlənməyərək müharibəyə həmin dövr üçün yetərincə böyük məbləğ – 4 milyon dollar ayırdı.

Ovaxtkı ABŞ prezidenti Ceyms Noks Polk (1795–849) orduya Rio Qrande adlanan bölgədəki mübahisəli «zolağı» zəbt etmək əmri verdi. Döyüş 1847-ci il sentyabrın 14-də Birləşmiş Ştatlar ordusunun qələbəsi ilə sona çatdı. Bununla da Texas, Nyu-Meksiko və Kaliforniya ABŞ-a birləşdirildi.

Linkoln isə bütün bu baş verənlərə qarşı idi. O, aparılan siyasətin Birləşmiş Ştatlara şərəf yox, üzqaralığı gətirdiyini düşünürdü. Avraam senator Tomas Korvinin bu sözləri ilə tamamilə həmfikir idi: «Mən meksikalı olsaydım, deyərdim: «Məgər öz ölülərinizi basdırmaq üçün ölkənizdə torpaq yoxdur?!»

Həmin illərdə Linkoln bakenbard saxlayır, qara kostyum, ağ köynək geyinir, qara ipək qalstuk taxırdı. Bununla belə, səliqəsiz geyinir, saçları həmişə pırtlaşıq olurdu. Nəsə danışanda dizlərini qucaqlayıb yırğalanırdı. Öz evində, Sprinqfilddə boş vaxtlarını odun yarmaqla, soba qalamaqla, atları qaşovlayıb inəkləri sağmaqla keçirirdi.

Bundan başqa, Linkoln quldarlıq əleyhinə çıxmaqda davam edirdi. Bir dəfə o, çikaqolu vəkillərin biri ilə qızğın mübahisəyə girişmişdi; Avraam sübut etmək istəyirdi ki, köləlik ABŞ-ın milli birliyini parçalayır. «Ertəsi gün səhər tezdən, – həmin vəkil sonralar xatırlayırdı, – onunla yenidən qarşılaşanda hələ də dünənki mübahisənin təsiri altında olduğunu gördüm.

– Əzizim, – o dedi, – axı bizim xalq yarı kölə, yarı azad insan olaraq mövcud ola bilməz».

Linkoln 1847-ci il oktyabrın 25-də arvadı, eləcə də övladları – dörd yaşlı Robert və doqquz aylıq Edvard ilə Kentukki ştatına, Sent-Luis şəhərinə yollandı. Meri Tod fəxr etdiyi konqresmen ərini məmnuniyyətlə doğmalarına, dostlarına göstərdi. Linkoln kölə zəncilərin işlədiyi fabriki gəzdi. Eyni zamanda o, apardığı müşahidələr nəticəsində Kentukkidə quldarlığa qarşı hərakatın genişləndiyini hiss etdi. Avraam həmçinin ştat paytaxtında bir çox görkəmli şəxslərlə görüşdü. Qəhrəmanımız noyabrın ortalarında böyük auditoriya qarşısında çıxış edən görkəmli dövlət xadimi, hüquqşünas Henri Kleyin (1777–1852) nitqini maraqla dinlədi. Kley öz çıxışında Meksika müharibəsinin «lazımsız və təcavüzkarlıq» olduğunu dedi. Natiq hesab edirdi ki, Birləşmiş Ştatların bütün Meksikanı özünə tabe etdirməyə haqqı yoxdur. Ancaq həmin vaxt Birləşmiş Ştatlarda bir çoxları bu barədə israrlı idi. Kleyin fikrincə, ABŞ-ın işğalçı siyasəti uzaqbaşı ələ keçirilən torpaqlarda quldarlığın yayılmasına şərait yaradacaqdı.




Linkoln və ailəsi Vaşinqtonda


Linkolnlar ailəsi 1847-ci il dekabrın əvvəllərində ABŞ-ın paytaxtına – Vaşinqtona gəlib çıxdılar. Onlar burada missis Spriqin pansionunda[12 - Pansion – ev üslubunda qurulmuş və hər cür şəraiti olan kiçik mehmanxana] yerləşdilər. Onlar ilk dəfə idi ki, planlı şəkildə tikilmiş enli küçələri, meydan və parkları olan şəhər görürdülər. Vaşinqtonun qırx minlik əhalisindən 8 mini azad zənci, 2 mini isə kölə idi. Burada saraylar və yoxsulların yaşadığı daxmalar iç-içə idilər. Qazlar, toyuqlar, donuzlar küçələrdə, xiyabanlarda gəzişirdilər.

Hərdən küçə ilə aparılan qandallanmış zənciləri görmək olurdu.

Linkoln bir dəfə Konqres Binası yaxınlığında həbsxanaya rast gəldi. Cənuba göndərilməmişdən əvvəl zənciləri orada «heyvan sürüsü» kimi saxlayırdılar.

Missis Spriqin pansionu Linkolnun xoşuna gəlmişdi. Ancaq arvadı burada özünə əyləncə tapa bilmədiyindən üç ay sonra uşaqlarını götürüb Leksinqtona, atasının yanına getdi.

Linkoln konqresdə fəaliyyətə and içərək başladı. O, Nümayəndələr Palatasının lap axırıncı skamyasında, viqlərin arxasında otururdu. Ondan irəlidəki stolların birinin arxasında 1825–1829-cu illərdə ABŞ prezidenti olmuş Con Kuinsi Adams (1767–1848) əyləşmişdi. Onun atası Con Adams tarixə Birləşmiş Ştatların ikinci prezidenti kimi düşmüşdü.

C.K.Adams hesab edirdi ki, ABŞ-ın Meksika ilə müharibə aparmasının səbəbkarı, əslində, quldarlardır. Çünki onlar bununla quldarlığın daha geniş ərazidə yayılmasını istəyirlər.

Zaman keçdikcə Birləşmiş Ştatlar ordusu işğal etdiyi Meksika ərazilərində möhkəmlənirdi. Müharibə hökumətə 27 milyon dollara başa gəlmiş, Amerika xalqı isə 27 min əsgər itirmişdi.

Meksika üzərində qələbədən sonra ABŞ-da müharibə ilə bağlı bəzi suallar ortaya çıxmışdı: «Məğlub tərəfdən nə qədər pul tələb eləməliyik? Əgər Meksikanın pulu yoxdursa, əvəzində nə qədər torpaq istəyə bilərik? Bəlkə, bütün Meksikanı tutaq?»

1848-ci il yanvarın 12-də Linkoln Nümayəndələr Palatasında viqlərlə eyni mövqedən çıxış edərək dedi: «Prezidentin Meksika ilə başladığı müharibə lazımsız və konstitusiyaya zidd idi!»

Hər halda, reallıq ondan ibarətdir ki, Meksika ilə müharibə fevralda yekun anlaşma ilə sona çatdı: Nyu-Meksiko və Kaliforniyanın şimal hissəsi ABŞ tərəfindən zəbt edildi, Texasın yeni sərhədləri müəyyənləşdi. Bundan başqa, Birləşmiş Ştatlar ilhaq etdiyi ərazilərin müqabilində Meksikaya 15 milyon dollar təzminat ödəməyə boyun oldu.

Linkoln konqresdə tez-tez nitq söyləyirdi. O, Nümayəndələr Palatasındakı çıxışlarında köləliyə qarşı açıq fikirlər səsləndirir, ciddi təkliflər irəli sürürdü. Məhz Avraam və həmfikirlərinin ardıcıl səyləri nəticəsində önəmli qərarlar qəbul olundu. Belə ki, 1850-ci il yanvarın 1-dən etibarən yeni doğulacaq zənci uşaqlar azad olunmalı, onların anaları isə öz sahiblərindən müəyyən miqdarda yardım almalı idilər. Həmçinin uşaqlar da öz tərəflərindən sahiblərinə bəlli yaşa qədər xidmət göstərməli idilər. Bu təkliflərin qəbul edilməsi Birləşmiş Ştatlarda quldarlığın tədricən aradan qaldırılmasına səbəb olacaqdı.

Linkoln həmçinin viqlərin müxtəlif vəzifələrə qoyulması üçün prezidentə məktublar yazırdı. Nəticədə bir neçə köhnə dostunu vəzifəyə qoymaq ona müyəssər olsa da, o özünə düşmənlər də qazandı…




Yenə Sprinqfilddə


Nümayəndələr palatasının iclasları başa çatan kimi Linkoln doğma Sprinqfildə qayıtdı. O, burada öz vəkillik fəaliyyətini davam etdirməyə başladı. Eyni zamanda qraflıqları gəzir, adamlarla, onların ailəsi ilə tanış olur, iş-gücləri ilə maraqlanırdı.

1850-ci ilin fevralında Linkolnun ailəsində faciə yaşandı – onun dörd yaşlı oğlu Edvard xəstəlikdən vəfat etdi. Linkolnun öhdəsinə dərddən üzülən arvadına dayaq durmaq kimi çətin bir iş düşdü. Missis Linkoln övladının ölümündən sonra kilsə icmasının üzvü oldu və dinin köməyi ilə təsəlli tapmağa çalışdı. Linkolna arvadından nümunə götürməyi məsləhət gördülər, lakin o, buna lüzum olmadığını dedi.

Həmin vaxt Avraam əsasən qəzetlər oxuyur, Vaşinqtonda baş verən siyasi yeniliklər barədə düşünürdü. Bu zaman ona atası Tomas Linkolnun xəstələndiyi barədə xəbər gəldi. Bir neçə gün sonra aldığı ikinci məktubdan isə məlum oldu ki, təhlükə sovuşub – Tomas tezliklə ayağa qalxacaq. Lakin bir müddət sonra atasının ölüm ayağında olduğunu eşidən Linkoln ögey qardaşı Cona belə bir məktub yazdı: «…indi ailəmi tək qoya bilmərəm, arvadım xəstədir… Atamın sağalacağına inanıram. Ona deyin ki, yaradana pənah aparsın… Yaradan ondan üz döndərməz… Çox keçməz ki, hamımız atamla onun getdiyi yerdə görüşərik».

Tomas Linkoln 1851-ci il yanvarın 17-də vəfat etdi. Həmin vaxt başı məhkəmə işlərinə qarışan Avraam onun dəfninə gedə bilmədi.

Bunun ardınca isə Linkolnlar doğulan dördüncü uşağı babasının şərəfinə Tomas adlandırdılar. Linkoln ilə Meri Tod artıq on bir ildi birlikdə idilər. Onlar bir-birinin güclü və zəif cəhətinə yaxşı bələd olmuşdular. Linkoln öz vərdişlərinin əsiri idi. Xalçanın üstündə uzanıb oxumağı xoşlayırdı. Süfrə arxasında adətən pencəksiz oturur, nə yediyinin fərqinə varmırdı – fikri haradasa uzaqlarda dolaşırdı.

Missis Linkoln isə əri üçün, bir növ, stimulyator rolunu oynayırdı. O, Linkolndan həmişə mübarizlik tələb edirdi. Ərinin siyasət aləmində yüksək mövqe tutmasının onun da mövqeyini möhkəmləndirəcəyini bildiyindən, Avraama dəstəyini əsirgəmir, işlərində daha əzmkar və qətiyyətli olması üçün əlindən gələni edirdi.

1852-ci ilin iyununda Henri Kley vəfat etdi. Kleyin xatirəsinə həsr edilmiş yığıncaqda Linkoln mərhumun sözlərindən sitat gətirdi: «Afrikaya onun öz övladlarının (zəncilər nəzərdə tutulurdu – red.) qaytarılması ideyasının mənəvi tərəfləri var. Onların əcdadları zorakılıqla doğma torpaqlarından qoparılıblar. İndi vətənlərinə qayıdan zəncilər özləri ilə sivilizasiyanın bəhrələrini, qanun və azadlıqları aparacaqlar». Bu planın nə qədər ümidsiz olduğu Linkolna öz acı təcrübəsindən məlum idi. Məsələ ondadır ki, ABŞ-ın cənub ştatlarında 3 milyon 204 min kölə yaşayırdı. Vergi kitablarında onların ümumi qiyməti milyard yarım dollar olaraq göstərilirdi. Belə sərvəti kimsə itirmək istəməzdi. Bircə yol qalırdı: həmin zənciləri əşya kimi alıb Afrikaya köçürmək! Henri Kley kimi Linkoln da məhz bu planın həyata keçməsini arzulayırdı.


***

Partnyoru Uilyam Qerndonun yazdığına inansaq, Linkoln onun rast gəldiyi «ən qapalı adam» idi. Avraamın başqa bir tanışı isə deyirdi: «Linkoln heç vaxt ürəyindəkiləri açıb söyləmir».

«O, göyərçin kimi sakit, ilan kimi müdrikdi, – bu sözləri də qəhrəmanımızın vəkil dostlarından biri demişdi. – Bütün məsləhətlərə ehtiramla qulaq asır, ancaq onlara nadir hallarda əməl eləyirdi».

Qerndon vəkil kontoruna səhər saat səkkizdə, Linkoln isə saat doqquzda gəlirdi. Qerndon yazır: «O, öncə qəzetləri götürüb köhnə divana uzanır, ayaqlarını stulun üstünə qoyub bərkdən oxumağa başlayır, bu isə mənim işləməyimə mane olurdu». Linkoln bir dəfə ona izah eləmişdi: «Bərkdən oxuyanda nə oxuduğumu həm görür, həm də eşidirəm, bu isə mətni yaxşı yadımda saxlamağa imkan verir».

Bazar günləri Linkoln uşaqları Villi ilə Tedi kontora gətirirdi. Həmin günlər Qerndonun halı lap ağlamalı olurdu. Uşaqlar rəfdəki kitabları töküşdürür, mürəkkəb qabını aşırırdılar. Linkoln isə kontorda ondan başqa heç kim yoxmuş kimi öz yazı stolunun arxasında sakitcə işləyirdi.

Coşua Spid bir dəfə ona iti ağlı olduğunu söyləyəndə Avraam bununla razılaşmamışdı: «Mən hər şeyi zorla yadımda saxlayıram, ancaq sonra da unutmuram… Mənim beynim polad kimidir – onu çətinliklə cızmaq olar, ancaq sonra o cızığı silmək, demək olar, mümkün deyil».

Linkoln ölkədə baş verən yenilikləri, dəyişiklikləri təhlil edirdi. O, sivilizasiyanın Birləşmiş Ştatlar boyunca necə sürətlə irəlilədiyini görürdü. Beş min əhalisi olan Sent-Luis iyirmi il ərzində 74 min əhalisi olan şəhərə çevrilmişdi. Sprinqfilddə əhalinin sayı 700 nəfərdən 6 minə çatmışdı. İllinoysa isə axın-axın almanlar, irlandlar, ingilislər gəlirdi. Bütün bunların nəticəsi idi ki, 1850-ci ildən 1860-cı ilə qədər ABŞ əhalisi 23 milyondan 31 milyona çatmışdı. Bu artım Avropadakı hadisələrlə sıx bağlı idi. Londondan Moskvaya, Prussiyadan Siciliyaya qədər hər yerdə inqilablar müşahidə olunur, barrikadaların qurulduğu şəhərlər qanlı toqquşmaların meydanına çevrilir, nəticədə dinclik axtaran insanlar Amerikaya üz tuturdular.

Elə həmin vaxtlarda Kaliforniya ştatından qəribə xəbərlər gəlməyə başlamışdı: on kişi bir həftə ərzində milyon dollar dəyərində qızıl yuyurdu. Bundan xəbər tutan kimi San-Fransiskoda şəhər idarəsi dərhal öz işini dayandırmışdı, kilsələr bağlanmışdı, qəzet redaksiyaları boşalmış, dənizçilər öz gəmilərini atmış, əsgərlər fərariliyə başlamışdı – hamı bir ovuc qızılın minlərlə dollar qazandırdığı qızıl mədənlərinə cumurdu.

Çox keçmədi ki, bu çaxnaşma yat-küt oldu. Tarixə «Qızıl qızdırması» kimi düşən təlatüm arxada qaldı. Qatillər, oğrular, dələduzlar Kaliforniyada, San-Fransiskoda hakimiyyəti ələ keçirdilər.

Həmin illərdə Avraam Linkoln özünün sınıq-salxaq, ikiyerlik arabasında ABŞ-ın müxtəlif yerlərini gəzir, baş verənlərin mahiyyətini anlamağa, qarşıdan gələn hadisələri proqnozlaşdırmağa çalışırdı.




Çiçəklənən Amerika


Belə bir gərgin dövrdə Demokratlar partiyası özünün yeni liderini müəyyənləşdirdi. Bu, Stiven Duqlas[13 - Stiven Duqlas (1813–1861) – Demokratlar partiyasının üzvü. 1858-ci ildə seçkilərdə Linkolnun rəqibi olub ona qalib gəlsə də, iki il sonra keçirilən prezident seçkilərində Avraama uduzmuşdur.] idi. Partiyanın gəncləri 1852-ci ildə onun namizədliyini prezidentliyə irəli sürdülər. Otuz doqquz yaşlı Duqlas başqa namizədlərdən çox səs aldı. O, Sakit okean sahillərinə dəmir yolu çəkməkdə maraqlı olan dairələrlə sıx bağlı idi. Duqlasın inadkarlığı sayəsində Böyük göllərdən Meksika körfəzinə dəmiryol xətti çəkilmişdi. Nəticədə Mərkəzi İllinoys dəmiryol idarəsi ömürlük pulsuz istifadə üçün Duqlasa vaqon bağışlamışdı.

Tezliklə Birləşmiş Ştatların tarixi baxımından növbəti önəmili hadisə baş verdi: Cənub ştatlarının konqresmenləri indiyə qədər toxunulmaz sayılan «Missuriya kompromisi[14 - Missuriya kompromisi – ABŞ Konqresinin üzvləri arasında 1820-ci ildə əldə olunmuş razılaşma. Həmin razılaşmaya əsasən Missuri ştatı quldar, Men isə azad ştat kimi ABŞ-ın tərkibinə daxil edilmişdi.]» adlı sənədə düzəliş edilməsinə nail oldular. Bu düzəlişlə ABŞ-ın azad və quldarlıq ştatları arasındakı sərhəd silindi.

Bu zaman «Kanzas – Nebraska» layihəsinin qəbul edilməsi xəbəri bir çox ştatlarda iğtişaşlara gətirib çıxardı. (Həmin layihəyə əsasən indiyə qədər məskunlaşdırılmamış Kanzas və Nebraska bölgələrində yaşayış məskənləri yaradılacaqdı. Quldarlığın ləğv edilib-edilməməsi isə orada yaşayacaq əhalinin özündən asılı olacaqdı). Ruhanilər senata məktub göndərib layihənin əleyhinə çıxdılar. İllinoysda bəzi siyasi liderlər də bu sənədin əleyhinə olduqlarını bəyan etdilər. Camaat etirazını üzərinə Duqlasın adı yazılmış müqəvvaları yandırmaqla ifadə edirdi. Araqarışdıranlar arasında adına «heç nə bilməyənlər» deyilən gizli təşkilatın üzvləri də var idi. Bu adın verilməsi səbəbsiz deyildi üzvlərindən təşkilatın nə məqsədə yarandığını soruşanda onların cavabı belə olurdu: «Mən heç nə bilmirəm». Təşkilatın üzvləri seçkilərdə mühacirlərə və katoliklərə səs verməyəcəklərinə and içirdilər. Onların şüarı konkret idi: «Amerikanı amerikalılar idarə etməlidir!» Milyonlarla alman, irland mühacirin əksəriyyəti katolik idi. Həmin mühacirlər şəhərlərdə böyük və aparıcı qüvvəyə çevrilmişdilər, seçkidə isə əsasən Duqlas kimilərə səs verirdilər.

Hadisələr getdikcə alovlanırdı: Massaçusets ştatında iki katolik kilsəsi dağıdılıb yağmalandı, monastır yandırıldı. Nyu-Cersi ştatında protestantlar irlandlarla toqquşdu. Nəticədə bir nəfər həlak oldu, xeyli adam isə yaralandı. Sonda «Heç nə bilməyənlər» irlandların nümayişini dağıtdılar.

İlin sonunda «heç nə bilməyənlər» ölkəni təəccübləndirdilər: Filadelfiya və Vaşinqtonda öz nümayəndələrinin mer seçilməsinə nail ola bildilər. Massaçusetsdə isə keçmiş viqlərlə ittifaq quraraq hətta ştatın qubernatoru vəzifəsinə seçilməyi bacardılar.

Linkoln «heç nə bilməyənlər» barədə susmağa üstünlük verirdi. Lakin bir dəfə bu barədə ondan soruşanda əsl amerikalıların hindular olduğunu demişdi: «Biz onları öz torpaqlarından qovduq, indi isə ya bizdən əvvəl, ya da bizimlə birgə Amerikaya gələnlərin üstünə atılırıq».

1854-cü il seçkilərində «nebraskaların[15 - Nebraskalar – ABŞ-ın Nebraska ştatındakı eyniadlı çayın sahillərində qədimdən bəri məskunlaşmış yerli tayfalara verilən ümumi ad (red.)]» əleyhinə olanlar böyük qələbə qazandılar. Linkoln öz çıxışında bunu ictimai rəydə ciddi dəyişikliyin göstəricisi kimi qiymətləndirdi. O öz qənaətində yanılmamışdı. Belə ki, çox keçmədən quldarlığın yayılmasının əleyhinə olanlar yeni partiyanın yaradıldığını elan etdilər. Bu, Respublikaçılar Partiyası idi.

İllinoysda və başqa ştatlarda yeni partiyanın yerli təşkilatlarını yaratmaq üçün qurultaylar çağırıldı. Linkoln da həmin prosesdə fəal iştirak edirdi. Hətta ABŞ-ın Minnisota ştatının Bluminqton şəhərində keçirilən qurultayda kürsüyə çıxan bir natiq çıxış etməyə macal tapmadı, çünki zalı qışqırıqlar bürüdü: «Linkoln! Linkoln!»

Bu çağırışlardan sonra Avraam tribunaya qalxdı. «Biz çətin bir dövrdən keçirik, – Linkoln dedi. – Əgər ictimai rəy kifayət qədər güclü olmasa, dəyişikliklərə nail olmasaq, qan töküləcək, qardaş qardaşa əl qaldıracaq. Quldarlığa imkan verməyək! Bunun qarşısını almasaq, köləlik bütün ölkədə bərqərar olacaq!»

Qəhrəmanımızın nitqi alqışlarla qarşılandı. Qurultay nümayəndələri ayaqlarını yerə döyür, qışqırır, yaylıqlarını yellədir, şlyapalarını havaya atırdılar. Hər şey aydın idi: Linkoln onların düşüncələrinin ifadəçisinə çevrilmişdi!




Quldarlıq problemi kəskinləşir


Linkoln 1856-cı il iyulun 23-də özünün ən səmimi siyasi çıxışlarından birini etdi. O, ilk dəfə açıq şəkildə bildirdi ki, bu gedişlə Birləşmiş Ştatların varlığını qorumaq üçün gələcəkdə hərbi güc tətbiq edilməsi qaçılmaz ola bilər. Buna səbəb isə Demokratlar Partiyasından Filmorun bəyanatı olmuşdu. Filmor bəyan etmişdi ki, əgər ölkədə respublikaçı namizəd prezident seçilərsə, Birləşmiş Ştatlar dağılacaq. «Parçalanmanı kim istəyir: siz, ya biz? – Linkoln isə bunun əvəzində soruşmuşdu. – Biz parçalanmaq istəmirik. Ancaq buna cəhd etsəniz, biz sizə imkan vermərik. Pul, ordu və donanma bizdədir. Ayrılmağa əsla cəsarət etməyin!»

Bu həmin vaxt idi ki, Linkoln vəkilliklə artıq az məşğul olurdu. Qatarla, faytonla ölkəni gəzir, şəhərlərdə siyasi məzmunlu çıxışlar edirdi.

1857-ci il martın 6-da kütlə üç saat ərzində dinməzcə dayanıb ABŞ Ali məhkəməsində səslənən sənədi dinlədi. Ali məhkəmə qərara almışdı ki, konqresin quldarlığı ləğv etməyə hüququ yoxdur; Missuriya kompromisi konstitusiyaya ziddir; kölə – əmlakdır, əgər ağa öz əmlakını ABŞ kontitusiyasının əsas qanun olduğu istənilən əraziyə aparırsa, onu öz əmlakından məhrum etmək olmaz; əcdadları qul olan kölə və ya azad zənci ABŞ vətəndaşı ola bilməz.

Ali məhkəmənin doqquz hakimindən dördü bu qərarla razılaşmadı. Qərarı quldarlıq ştatlarının hakimləri təsdiqlədi. Qərara etiraz edən Nyu-Yorkun nüfuzlu «Tribun» qəzeti yazırdı: «Doğrudanmı, cənub ştatlarında yaşayan 6 milyon adam, şimalın azad ştatlarında yaşayan 16 milyon adamdan daha böyük təsir gücünə malikdir?»

Həmin vaxt Kanzasda artıq neçə ay idi ki, yeni ştatın azad, ya kölə qanunlarının işlədiyi əyalət olacağı ətrafında qızğın mübahisə gedirdi. Mübahisələr qanlı toqquşmalarla müşayiət olunurdu. Belə ki, 1855-ci il noyabrın 5-dən 1856-cı il dekabrın 1-dək olan müddətdə 200 nəfər qətlə yetirilmiş, bir xeyli adam da güllə və bıçaq yarası almışdı.

Vəziyyətin bu həddə çatması Linkolnu daha sərt qərarlar qəbul elməyə məcbur etdi: o, son on ildə ilk dəfə vəkilliyi atdı! Avraamın kontoru həftələrlə, aylarla qıfıllı qaldı. Bir vaxtlar bütün gücünü qanun kitablarını öyrənməyə sərf edən bir adam indi özünə yeni yol seçmişdi: hansı qanunların dəyişdirilməli, hansı qanunların isə tam gücü ilə işləməli olduğunu, üstəlik, bunun üçün nələr etmək lazım gəldiyini bilməkdən ötrü xalqla iç-içə olmağa qərar vermişdi!

Həmin günlərdə Linkoln şəhərlərdən birindəki çıxışı zamanı demişdi: «Bütün xalqı bir müddət aldatmaq olar, xalqın bir hissəsini həmişə aldatmaq olar, ancaq bütün xalqı həmişə aldatmaq olmaz!»

1858-ci il iyunun ortalarında İllinoys ştatında Respublikaçılar partiyasının yerli təşkilatının qurultayı oldu. Sprinqfilddə baş tutan qurultayda Linkolnun ABŞ senatına namizədliyi irəli sürüldü. Həmin vaxtadək İllinoysdan seçilmiş senat Duqlas idi.

Linkoln qurultay nümayəndələri qarşısında çıxış edərək ona göstərilən bu etimad üçün minnətdarlığını bildirdi: «Əgər harada olduğumuzu və hara getdiyimizi bilsəydik, nəyi necə edəcəyimizə doğru-dürüst qərar verərdik. Hələ beş il əvvəl bəyan eləmişdik ki, məqsədimiz quldarlığa son qoymaqdır. Biz bu siyasəti yürütməyə başlayandan quldarlığın qorunub-saxlanılması lehinə təbliğat da durmadan güclənir. Divarları çatlamış, dağılıb parçalanmaq üzrə olan ev ayaq üstə dayana bilməz. Fikirləşirəm ki, qismən azad, qismən kölə hökumətimiz də bu gedişat qarşısında duruş gətirməz. O, bütövləşib ikisindən biri olmalıdır… Bir müddət sonra Ali Məhkəmə, ola bilsin, yeni qərarla quldarlığı bütün ştatlarda qadağan edəcək».

Bu çıxış xalq arasında qısa vaxtda yayılıb böyük populyarlıq qazandı, tarixə isə həmin nitq «Bölünmüş ev» adı ilə düşdü.

Duqlas işi belə görüb Vaşinqtonda Respublikaçılar Partiyasının üzvlərinə demişdi: «Siz çox bacarıqlı, çox vicdanlı adamın namizədliyini irəli sürmüsünüz. İndi mən ona qalib gələ bilmək üçün həddindən artıq çalışmalı olacağam».

Nəhayət, seçki günü gəlib çatdı. Noyabrın 2-də keçirilən səsvermədə Duqlas müxtəlif fırıldaqlar nəticəsində Linkolndan çox səs toplayaraq mandat aldı.

Əlbəttə, bu cür sonluq Linkolnun qanını bərk qaraltdı, lakin o, seçkidə iştirak edib öz fikirlərini, ideyalarını daha geniş kütlələrə yaymaq fürsəti qazandığına görə çox şad idi.

Növbəti ilin (1859) yanvarında Duqlasın qələbəsi rəsmi şəkildə təsdiqləndi. Linkoln bunu eşidəndə öz kontorunda oturmuşdu. Sonra işığı söndürdü, qapını bağlayıb evə getmək üçün küçəyə çıxdı. Cığır dikə qalxırdı, yol nəm idi. Odur ki ayağı sürüşdü, az qaldı yıxılsın. Lakin özünü toparlayaraq gülümsədi və astadan öz-özünə dedi: «Demək, vur-tut büdrəmişəm, ancaq yıxılmamışam, – sonra isə əlavə elədi: – Ayağı büdrəmək – hələ yıxılmaq deyil».

Bu arada, mütləq qeyd eləmək lazımdır: 1858-ci ilin noyabrında, senat seçkisini uduzmasına baxmayaraq, Birləşmiş Ştatların nüfuzlu qəzetləri Linkolnun adını ölkə prezidentliyinə ən münasib namizəd kimi çəkməyə başlamışdılar. Hətta Ohayo ştatındakı böyük mitinqdə qərara alınmışdı ki, 1860-cı ildə baş tutacaq prezident seçkilərində respublikaçıların əsas namizədi olmağı Linkolndan xahiş etsinlər.




«Meri, bizi seçdilər»


Nyu-Yorkun keçmiş meri, sonralar (1861–1869-cu illərdə) isə ABŞ-ın Xarici İşlər naziri olmuş Uilyam H.Sivard respublikaçılar partiyasının prezidentliyə birinci namizədi sayılırdı. Sivardın iri sahibkarlarla əlaqəsi olan dostu, qəzet naşiri Torlou Uid isə onun təbliğatına gen-bol pul xərcləyirdi.

Başqa namizəd iki dəfə qubernator, bir dəfə ABŞ senatoru seçilmiş Saymon P. Çeyz (1808–1873) idi. Yeri gəlmişkən, Çeyz qəhrəmanımızın ABŞ prezidentliyi dövründə maliyyə naziri postunu tutacaqdı…

Ohayolu demokrat, Ceksonun[16 - Endrü Cekson (1767–1845) – ABŞ-ın sayca 7-ci prezidenti (1829– 1837). Birləşmiş Ştatlar tarixində Demokratlar partiyasından seçilmiş ilk prezidentdir.] prezident olduğu illərdə ABŞ Ali məhkəməsində prokuror işləmiş Con Maklin də prezidentliyə namizədlər sırasında idi. Maklinin 75 yaşı vardı. Linkoln demişdi: «Əgər on yaş kiçik olsaydı, Maklin bizim üçün ən yaxşı namizəd sayılardı».

Beləliklə, Linkoln respublikaçılar partiyasından prezidentliyə namizədlərdən biri olaraq təbliğat kampaniyasına start verdi. O, 1859-cu ilin sonlarından başlayaraq ümumilikdə 4 min mil yol qət edib, müxtəlif şəhərlərdə cəmi 23 nitq söylədi. Avraam respublikaçılar partiyasının namizədləri arasında hamıdan çox əmək sərf edirdi.

Bu arada, Demokratlar Partiyası daxilində kəskin ixtilaf yaranmışdı. Nəticədə partiya iki fraksiyaya bölünmüş, hər fraksiya öz qurultayını çağırmışdı. İrəli gedərək vurğulamaq lazımdır ki, demokratların parçalanması respublikaçıların qələbəsini xeyli asanlaşdırdı.

Respublikaçıların əksəriyyəti həlledici qurultayın Çikaqoda keçirilməsini istəyirdi. Onlar mərkəzi komitəni inandırırdılar ki, qurultay hansısa şərq şəhərində keçirilsə, partiya ölkənin qərb bölgələrində səs itirə bilər. Hazırda Birləşmiş Ştatların ən böyük şəhərlərindən biri olan Çikaqo hələ o vaxtlar çox sürətlə inkişaf edirdi. Bu şəhərin əhalisinə cəsurluq və işgüzarlıq xas idi.

Beləliklə, Respublikaçılar Partiyasının həlledici qurultayının Çikaqoda keçirilməsi qərarlaşdırıldı. 1860-cı il mayın ortalarında təşkil olunan tədbirdə iştirak eləmək üçün qatarlar 40 min qonaq və 500 nümayəndə gətirdi. (Qurultayda nümayəndələr arasında səsvermə baş tutacaq, respublikaçı namizədlər arasında ən çox səs toplayan, prezident postu uğrunda demokratların namizədi ilə mübarizə aparacaqdı.)

Linkolnun qərargahında istənilən nümayəndə, ya mühüm qonaq siqara, çaxıra, viskiyə qonaq edilir, onlarla gizli söhbət aparılırdı.

Sivardın qərargahında da eyni üsullar tətbiq edilirdi.

Nümayəndələrin gəldiyi qatarlarda keçirilən sınaq səsverməsindən belə aydın oldu ki, Sivard səslərin əksəriyyətini alacaq. Miçiqan, Viskonsi, Minnesota, Nyu-York, Kaliforniya və Massaçusetsdən olan bütün nümayəndələr Sivardın tərəfində idi.

Linkolnun qərargahında çalışanlar isə əmin idilər ki, əgər Sivard respublikaçıların namizədlər siyahısında birinci olsa, onda seçkini demokratlar qazanacaqlar. Onların bu təbliğatı işə yaradı və bir çoxları, həqiqətən, demokratların qalib gələcəyindən çəkinib Sivardı dəstəkləməkdən imtina etdi.

Çikaqoya gələn 40 min adam hay-küy salıb bir ağızdan «Avraam Linkoln», «Qoca Eyb» (uşaqlıqda Linkolnu «Eyb» deyə çağırırdılar) , «Odunyaranların namizədi» deyə qışqırır, qəhrəmanımızın şəninə təriflər yağdırır, onu yerə-göyə sığışdıra bilmirdilər.

İşi belə görə Çikaqonun başbilənləri qurultay zalını Sivardın tərəfdarlarının ixtiyarına verdilər. Lakin qurultay günü səhər erkəndən çoxminlik kütlə zalın qapısına dirəndi. Linkolnun tərəfdarları saxta icazə vərəqəsi ilə içəri keçib bütün yerləri tutdular və keçidləri doldurdular. Sivardın pulla tutulmuş yüzlərlə nyu-yorklu tərəfdarı isə içəri keçə bilmədi.

Linkolnun qərargahında çalışanlar öz ətraflarına minlərlə boğazdansaz kişi toplamışdı. Linkolnun bir işarəsi kifayət idi ki, onların qışqırığı Çikaqonu başına götürsün. Bu gursəslilərdən biri də Çikaqolu Eyms idi. Deyilənə görə, sakit havada onun səsini Miçiqan gölünün o tayından eşitmək olurdu.

Məhz bu cür adamların sayəsində Linkoln öz mənəvi üstünlüyünü daha da gücləndirirdi. Kənardan baxana elə gəlirdi ki, bütün ABŞ qəhrəmanımızın qələbəsi üçün səfərbərdir!

Yekun səslər hesablanmağa başlayanda isə nəhəng izdiham səssizliyə büründü. Hər kəs böyük həyəcanla nəticələri gözləyirdi.

Nəhayət, qurultayın sədri kütlə qarşısına çıxaraq elan elədi: «Avraam Linkoln Respublikaçılar Partiyasından Birləşmiş Ştatların prezidentliyinə namizəd seçilmişdir!»

İzdiham hərəkətə gəldi və qulaqbatırıcı uğultu qopdu. Adamlar bir-birini qucaqlayır, ağlayır, gülür, sevinclə qışqırışırdılar.

Həmin gecə Senqamon çayına bitişik ərazilərdə tonqallar yandı. Sevinən camaatın «urra» səsləri səhərə qədər kəsmədi.

İyunda isə demokratların qurultayında Duqlas ABŞ prezidentliyinə namizəd oldu.

Yüzlərlə qəzet, saysız-hesabsız küçə natiqləri Linkolnu dayanmadan tərifləyir, onu «müdrik Eyb», «odunyaranların namizədi», «xalq içindən çıxan adam», «vicdanlı Eyb» adlandırırdılar.

Yoxsul daxmadan çıxmış bir adam indi hakimiyyətin ən yüksək pilləsinin bir addımlığında idi.

Duqlas işinin asan olmayacağını indi daha yaxşı anlayırdı. O, xüsusilə, Ayova ştatında yerləşən, əhalisi kifayət qədər çox və mütləq əksəriyyəti ağdərililərdən ibarət olan Pensilvaniyanın belə respublikaçıların tərəfini tutduğunu eşidəndə katibinə tərəf dönüb demişdi: «Linkoln prezident olacaq!»

Yay və payız arxada qaldı. Seçki kampaniyası sona çatdı.

1860-cı il noyabrın 6-da səhər tezdən səsvermə prosesinə start verildi. Senqamon qraflığında Duqlas, Sprinqfilddə Linkoln irəli çıxdı. Linkoln axşam öz dostları ilə respublikaçılara məxsus qadın klubuna getdi. Xanımlar onu əhatəyə aldılar: «Necəsiniz, cənab prezident?» Avraam və yanındakılar oturmağa macal tapmamış, poçtalyon əlində teleqram başlarının üstünü kəsdirdi. Teleqramda yazılmışdı ki, Nyu-York belə respublikaçılara səs verib.

Bu o demək idi ki, Linkolnun prezident seçilməsi artıq an məsələsidir.

Qəhrəmanımız şad xəbəri arvadına çatdırmaq üçün evə tələsdi. Onun həyat yoldaşına ilk sözləri bu oldu: «Meri, bizi seçdilər!»




Bölünmüş ev


Quldarlığın ləğvi üçün çalışan Linkolnun prezident seçilməsi kəskin mübahisə doğurdu. Bu mübahisəni hətta güc yolu ilə həll etmək istəyənlər belə tapıldı. Məsələn, «Konfedereysi» adlı bir qəzet yazırdı: «Qoy nə olur olsun, bəlkə, Potomak çayı qandan qırmızı rəngə boyanacaq, Pensilvaniya eybəcər hala salınmış meyitlərlə başdan-başa örtüləcək, ancaq Avraam Linkolnun təntənəli şəkildə prezident vəzifəsini tutması kimi bir rüsvayçılıqla Cənub ştatları heç vaxt razılaşmayacaq».

Tezliklə bu cür təhdidlərin boşuna olmadığı ortaya çıxdı, məsələn, Cənubi Karolinanın Nümayəndələr palatası 10 min əsgərin toplanmasına qərar verdi. Silah alınması üçün Corciya ştatı 1 milyon, Luiziana ştatı isə yarım milyon dollar ayırdı.

Linkolnun ünvanına yazılmış məktublar isə təhqirlərlə, həqarətlərlə dolu idi: onu «ölkənin başına bəla açan insanaoxşar meymun», «hoqqabaz», «idiot» adlandırırdılar. Məktub müəllifləri hədə-qorxularını da əsirgəmir və açıq şəkildə yazırdılar ki, yeni prezidenti asacaqlar, yandıracaqlar.

Linkoln isə bütün bu təhqir və təhdidlərə bir o qədər də əhəmiyyət vermədən Çikaqoda gələcəkdə vitse-prezident olacaq Hannibal Hamlinlə (1809–1891) görüşdü. O, vəzifə səlahiyyətlərinin icrasına başladıqdan sonra yüksək dövlət vəzifələrini viqlərlə, sonradan respublikaçı olan demokratlar arasında bölüşdürmək istəyirdi.

Cənubi Karolina ştatı mövcud prezident Ceyms Byukenenin prezidentlik müddətinin tam başa çatmasını gözləyəcəyinə dair vəd vermişdi. Bu o demək idi ki, həmin ştatda toplanan ordu Linkoln and içib prezidentliyə başlamayanadək hərəkətə keçməyəcək. Ancaq bir nəfərin – Robert-Barnuel Retin öz tərəfdarları vasitəsilə təşkil etdiyi hadisələr Cənub ştatlarının ABŞ-dan ayrılmasına gətirib çıxartdı. Ret altı dəfə konqresmen, bir dəfə senator olmuşdu. Onun bir arzusu var idi: Cənubun ölkədən ayrılmasına nail olmaq və qul alverini qadağan edən qərarı ləğv etmək! Ret öz arzusuna çatmaq üçün hətta «sayıqlar komitələri» təşkil etmişdi. O həmin komitələrin köməyi ilə Nümayəndələr Palatası üzvlərindən Cənubun ayrılması təklifini müdafiə edəcəklərinə dair razılıq aldı. Üstəlik, Ret Birləşmiş Ştatların tərkibindən çıxmaq haqqında dekret[17 - Dekret – qanun, fərman gücünə malik hər hansısa bir məsələ ilə bağlı ali hökumət orqanının qərarı (red.)] yazdı və 1860-cı il dekabrın ortalarında keçirilən gizli yığıncaqda həmin dekret qəbul edildi. Yeni dövlət bayrağı təsdiqlənəndə isə zalı gurultu bürüdü. Cənub ştatlarının hamısında tonqallar yanır, zənglər çalınırdı. Bir-birinin ardınca daha altı ştat Cənubi Karolinaya qoşulmuşdu. Onların hamısı əsasən pambıqçılıqla məşğul olan əyalətlər idi.

Cənublu deputatlar qaşqabaqlı halda konqreslə vidalaşdılar. Yüzlərlə poçt kontorlarının rəisləri, hakimlər, dairə prokurorları, kömrük işçiləri Vaşinqtona istefa ərizələrini yolladılar. Nizamlı qoşun zabitlərinin bir çoxu artıq yeni yaradılan dövlətin – Amerika Konfederativ Ştatlarının (və ya sadəcə konfederasiya) silahlı qüvvələrinin sıralarına yazılmağa başladı. Ayrılan ştatların qubernatorları hətta ordu göndərib 6 milyon dəyərində olan ABŞ hərbi istehkamlarını ələ keçirdilər.

Xəbər gəldi ki, cənubluların silahlı dəstələri Vaşinqtonu belə tutmağa hazırlaşır. Belədə təklif olundu ki, Linkolnun andiçmə mərasimi paytaxtda yox, başqa bir şəhərdə keçirilsin.

Şimallılar da əliboş dayanmamışdılar. Çikaqoda Şimal ştatları tərəfindən yenicə yaradılan topçu batalyonlarının təlimi keçirildi. Pensilvaniya qanunverici məclisi 5 milyon dollar pul və 100 min əsgər toplamağı təklif elədi.

Hələ ki, səlahiyyətlərinin icrasını davam etdirən Byukenen Ağ Evdə nəzakətlə dedi: «İstənilən vətəndaşın prezident seçilməsi Birləşmiş Ştatların parçalanması üçün səbəb ola bilməz. Cənub ştatlarının ABŞ-ın tərkibindən çıxmaq hüququ yoxdur. Lakin nə etmək olar ki, ayrılmağın qarşısını almaq üçün federal hökumətin güc tətbiq etmək hüququ da yoxdur».

Yeni prezidentin öz vəzifəsinin icrasına başlamasına bir neçə gün qalmışdı. Vaşinqtona xəbərdarlıq məktubları göndərildi ki, Linkoln paytaxta gələrkən yolda öldürüləcək. Ona görə də təhlükəsizlik tədbirləri gücləndirildi.

Alabama ştatından olan deputatların təşəbbüsü ilə 1862-ci ilin fevralında Amerika Konfederativ Ştatları adlanan müvəqqəti hökumət rəsmən təşkil olundu. Missisipili Cefferson Devis (1808 –1889) bu dövlətin ilk (və yeganə!) prezidenti oldu. Ret, Yensi kimi əsas ekstremist güclər hökumətdə yer almadılar. Çünki onlar məhz Retin prezident olmasını istəyirdilər. Ancaq rəhbərliyə mötədil adamlar gəlmişdilər. Onlar yaranmış mübahisəli durumu aradan qaldırmaqdan ötrü səbir göstərib gözləməyə və öz tələblərini irəli sürmək üçün danışıqların başlanmasına üstünlük verirdilər.

Elə həmin vaxt daha iki ştat – Şimali Karolina ilə Arkanzas da konfederasiyaya birləşdi.




Hara gedir Amerika?


Linkoln Vaşinqtona yola düşəndə milyonlarla insanı eyni sual narahat edirdi: «Hara gedir Amerika?»

Konqres seçkilərin nəticələri ilə tanış olsa da, Linkolnu prezident kimi hələ rəsmi olaraq təsdiqləməmişdi. Bu da səbəbsiz deyildi: qarşıdakı hadisələrdən qorxunc hər şey gözlənilə bilərdi.

1862-ci il fevralın 13-də konqres üzvləri seçkilərin düzgün keçib-keçmədiyi barədə qərar vermək üçün toplandı. Vəziyyət o qədər gərgin idi ki, nizam-intizamı qorumaq üçün bütün qapılara keşikçi qoyulmuşdu.

Sprinqfilddən Vaşinqtona gedərkən yolboyu Linkoln beş ştatın qubernator və deputatları ilə görüşdü. Siyasətə, maliyyəyə, nəqliyyata, təchizata nəzarət edən nüfuzlu adamlarla söhbətləşdi.

Konqresin toplaşdığı gün gərginlik son həddə çatdı. Hesablayıcılar ştatlardakı səsvermənin nəticələrini oxuyurdular. Axırda ABŞ-ın vitse-prezidenti bəyan etdi: «Avraam Linkoln 1861-ci il martın 4-dən etibarən 4 il müddətinə Amerika Birləşmiş Ştatlarının prezidenti seçilmişdir…»

Linkoln ölkəni qərbdən şərqə doğru kəsib keçəndə – fevralın 18-də teleqraf xəbər gətirdi ki, Cefferson Devis yeni qurulmuş dövlətin, Amerika Konfederativ Ştatlarının prezidenti kimi təntənəli şəkildə and içib.

Filadelfiyaya gələn Linkoln burada dövrünün tanınmış detektivi Alan Pinkertonla görüşdü. Detektiv məlumat verdi ki, ona sui-qəsd planlaşdırılıb. Sui-qəsd Baltimorda həyata keçiriləcəkdi.

Pinkerton Baltimora gedib özünü Cənub ştatlarının ABŞ-dan ayrılmasının tərəfdarı kimi qələmə verdi. Bu ona sui-qəsd planının detallarını öyrənmək üçün lazım idi. Məşhur detektivin niyyəti baş tutdu – o, sui-qəsdin təşkilatçısı Fernandino ilə görüşə bildi. Fernandino qonağın əlini hərarətlə sıxdı. Detektiv sui-qəsdçilərlə birgə xüsusi bir otağa keçdi. Sui-qəsdçilərdən kimsə polisin onlara mane ola biləcəyindən narahatlığını ifadə etdi. Fernandino bunu nəzərə almışdı: «Polis bizimlədir. Bir həftə sonra Linkoln öldürüləcək!»





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/karl-sendberg/linkoln-68289484/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Akr – gündə bir cüt öküzlə şumlanan sahə. 1akr 4046,86 kv.m-dir (red.).




2


Konstebl – ABŞ-da aşağı çin polis rütbəsi (red.)




3


Mil – əsasən ABŞ və İngiltərədə istifadə olunan məsafə ölçü vahidi. 1 mil 1420 metrə bərabərdir (red.).




4


Deklamasiya – hər hansı mətni ruh yüksəkliyi ilə, intonasiya, jest və mimikalarla söyləmək bacarığı (red.)




5


Klerk – yazı-pozu işləri ilə məşğul olan idarə xidmətçisi (red.)




6


Yanki – Şimal ştatlarında doğulub-yaşayan amerikalılara avropalılar tərəfindən verilən ad (red.)




7


Viqlər – vaxtilə Amerikada Britaniyadan asılılığı rədd edənlərə verilən ad (red.)




8


ABŞ-ın ilk siyasi partiyası olan Demokratlar Partiyası nəzərdə tutulur. 1828-ci ildə yaradılıb və hazırda Respublikaçılar Partiyası ilə birlikdə Birləşmiş Ştatların iki aparıcı partiyasından biri olaraq fəaliyyətini davam etdirir (red.)




9


Leksinqton – ABŞ-nın Kentukki ştatında şəhər (red.)




10


Partnyor – burada: birgə işgüzar münasibətdə olan tərəflər




11


ABŞ Nümayəndələr palatası – ABŞ Konqresinin aşağı palatası. Yuxarı palata isə Senatdır.




12


Pansion – ev üslubunda qurulmuş və hər cür şəraiti olan kiçik mehmanxana




13


Stiven Duqlas (1813–1861) – Demokratlar partiyasının üzvü. 1858-ci ildə seçkilərdə Linkolnun rəqibi olub ona qalib gəlsə də, iki il sonra keçirilən prezident seçkilərində Avraama uduzmuşdur.




14


Missuriya kompromisi – ABŞ Konqresinin üzvləri arasında 1820-ci ildə əldə olunmuş razılaşma. Həmin razılaşmaya əsasən Missuri ştatı quldar, Men isə azad ştat kimi ABŞ-ın tərkibinə daxil edilmişdi.




15


Nebraskalar – ABŞ-ın Nebraska ştatındakı eyniadlı çayın sahillərində qədimdən bəri məskunlaşmış yerli tayfalara verilən ümumi ad (red.)




16


Endrü Cekson (1767–1845) – ABŞ-ın sayca 7-ci prezidenti (1829– 1837). Birləşmiş Ştatlar tarixində Demokratlar partiyasından seçilmiş ilk prezidentdir.




17


Dekret – qanun, fərman gücünə malik hər hansısa bir məsələ ilə bağlı ali hökumət orqanının qərarı (red.)



Amerikalı şair, yazıçı və tarixçi Karl Send­berqin bir-birindən ma­raqlı faktlarla zəngin olan bu kitabı Avraam Linkoln haq­qın­da ən yaxşı bioqrafik əsər sayılır.

Как скачать книгу - "Linkoln" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Linkoln" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Linkoln", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Linkoln»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Linkoln" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Видео по теме - Linkoln Park - Crawling (Studio Cover) - Linkin Park Tribute

Книги серии

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *