Книга - Hekayələr

a
A

Hekayələr
İvan Bunin


Hekayə ustaları
İvan Buninin bu kitabda toplanan yığcam, koloritli hekayələri kənd həyatından, nakam məhəbbətdən, azadfikirli insanların xeyirxah əməyindən bəhs edir.





İvan Bunin

Seçmə hekayələr





MİTYANIN MƏHƏBBƏTİ



I

Moskvada Mityanın axırıncı sevincli günü martın doqquzu idi. Hər halda, ona belə gəlirdi.

Onlar Katya ilə birlikdə səhər saat on ikiyə işləyəndə Tverskoy bulvarla yuxarı qalxırdılar. Qışı birdən-birə bahar əvəz etmişdi, günəş yeri, demək olar, qızdırırdı. Elə bil ki, doğrudan da, torağaylar uçub gəlmiş, özləri ilə isti hava, sevinc gətirmişdilər. Hər şey islanmışdı, hər şey əriyirdi, evlərdən su damırdı, dalandarlar səkilərin buzunu sındırıb qazıyır, yumşalmış qarı damlardan yerə atırdılar; hər yer adamla dolu, qələbəlik idi. Yüksəkdəki buludlar seyrək ağ tüstü kimi dağılaraq mavimtraq səmaya qarışırdı. Uzaqda fikrə dalmış xoşsimalı Puşkin ucalırdı; Strastnoy monastır parlayırdı. Lakin hər şeydən yaxşı bu idi ki, həmin gün xüsusilə məlahətli olan Katya bütünlüklə sadəqəlblik və səmimiyyət mücəssəməsi idi, tez-tez uşaqcasına sadəlövhlüklə Mityanın qoluna girir, aşağıdan onun üzünə, xoşbəxt, hətta elə bil azca təkəbbür ifadə edən çöhrəsinə baxırdı. Mitya elə iri addımlarla yeriyirdi ki, Katya onunla zorla ayaqlaşırdı.

Puşkinin yanında Katya birdən dedi:

− Sən necə də məzəlisən, güləndə yekə ağzın uşaqcasına bacarıqsız, məlahətlə açılır. Sən incimə, mən səni elə bu təbəssümünə görə sevirəm. Bir də sənin Bizans gözlərinə görə…

Həm mübhəm məmnuniyyətini, həm də yüngülvarı narazılığını zorla gizlədərək gülümsəməməyə səy edən Mitya indi artıq qarşısında yüksələn abidəyə baxa-baxa dostcasına cavab verdi:

− Uşaqlığa qalanda, deyəsən, bu cəhətdən biz bir-birimizdən o qədər də uzaqlaşmamışıq. O ki qaldı bənzəməyə, sən Çin imperatriçəsinə bənzədiyin kimi, mən də bizanslıya bənzəyirəm. Bu Bizanslar, İntibahlar sizin hamınızın ağlını çaşdırıb… Mən sənin ananın hərəkətlərini başa düşə bilmirəm!

Katya soruşdu:

− Yaxşı, bəs sən onun yerində olsaydın, məni balaxanaya salıb qapısını kilidləyərdin?

Mitya özünü sakit və dostcasına laqeyd saxlamaq cəhdini davam etdirərək cavab verdi:

− Balaxanaya salmazdım, amma bütün o, guya ki artistlər bohemasını, studiyalardan və konservatoriyalardan, teatr məktəblərindən peyda olan bütün bu gələcək şöhrət sahiblərini evin astanasına da yaxın buraxmazdım. Axı sən özün mənə deyirdin ki, Bukovetski səni Strelnaya şama dəvət edirdi, Yeqorov sənin nəsə ölməkdə olan dəniz dalğası şəklində lüt bədəninin gildən heykəlini yapmaq istəyirdi, sən də ki bu cür şərəfə nail olmaqdan məmnun qalmışdın.

Katya dedi:

− Mən, fərqi yoxdur, hətta sənin xatirinə də incəsənətdən imtina etmərəm. Ola bilsin, sənin tez-tez dediyin kimi, mən murdarın biriyəm, − deyə əlavə etdi. Halbuki Mitya ona heç vaxt belə söz deməmişdi. − Ola bilsin, mən pozğun adamam, lakin sən məni necə varam, elə qəbul et. Gəl savaşmayaq, heç olmasa indi, bu cür gözəl gündə sən məni qısqanmaqdan əl çək! − Katya onun gözünün içinə bu dəfə süni işvəkarlıqla baxaraq yavaşdan və israrla: − Axı necə başa düşmürsən ki, mənim üçün sən, hər halda, hamıdan yaxşı, yeganə insansan? − deyərək dalğın halda, aram-aram ifadəli tərzdə oxudu:

Bizim aramızda mürgülü bir sirr,
Ürək ürəyinə üzük veribdir.

Bu son sözlər, bu şeir Mityaya artıq çox bərk toxundu. Ümumiyyətlə, hətta elə həmin gün də bir çox şey iyrənc və iztirablı idi. Uşaqcasına bacarıqsızlıq haqqındakı zarafat onu dilxor etmişdi: bu cür zarafatları Katyadan o, birinci dəfə eşitmirdi, həm də bunlar təsadüfi deyildi. Katyanın gah bu, gah da digər bir məsələdə özünü ondan yaxşı hesab etməsi nadir hal deyildi, dəfələrlə, həm də qeyri-iradi (yəni tamamilə təbii olaraq) özünün ondan üstün olmasını nümayiş etdirirdi. Mitya da bunu Katyanın nəsə əsrarəngiz eyibli təcrübəliliyinin əlaməti kimi iztirabla qəbul edirdi. “Hər halda” ifadəsi xoşuna gəlmirdi (“sən, hər halda, mənim üçün hamıdan yaxşısan”), bir də xoşuna gəlməyən o idi ki, bu sözləri deyəndə səsini nə üçünsə qəflətən yavaşıtmışdı, xüsusilə xoşuna gəlməyən isə şeirin ifadə ilə oxunması idi. Buna baxmayaraq hətta şeirə və onun oxunmasına, yəni Katyanı Mityanın əlindən alan mühiti ona hər şeydən artıq xatırladan, onun nifrətini və qısqanclığını kəskin şəkildə coşduran əlamətlərə bu sevincli doqquz mart günü o, nisbətən asanlıqla dözdü, sonralar Mityaya çox zaman elə gəlirdi ki, Moskvada keçirdiyi həmin gün onun sonuncu sevincli günüdür.

Həmin gün Kuznetsk körpüsündən geri qayıdanda Katya Simmermanın mağazasından Skryabinin bir neçə əsərini aldı; Katya, sözarası, onun, Mityanın anası haqqında danışmağa başladı, özü də gülə-gülə dedi:

− Mənim irəlicədən ondan necə qorxduğumu sən təsəvvür edə bilməzsən!

Sevişdikləri bütün müddət ərzində nə üçünsə bir dəfə də olsun onlar gələcək məsələsinə, sevgilərinin nəylə qurtaracağı məsələsinə toxunmamışdılar. İndi birdən Katya onun anası haqqında danışmağa başladı, özü də elə başladı ki, sanki Mityanın anasının onun gələcək qayınanası olması onsuz da aydın idi.


II

Sonra hər şey sanki əvvəlki kimi davam edirdi. Mitya Katyanı Bədaye Teatrının studiyasına, konsertlərə, ədəbi axşamlara müşayiət edir, yaxud onun Kislovkadakı otağında əyləşir və Katyanın anasının qızına verdiyi əcaib azadlıqdan istifadə edərək gecə saat ikiyə qədər otururdu; Katyanın anası həmişə ənlik-kirşanlı olan, həmişə papiros çəkən, tünd-qırmızı saçları olan məlahətli, mehriban bir qadın idi (o, çoxdan ərindən ayrı yaşayırdı, əri ikinci dəfə ailə qurmuşdu). Katya da Mityanın yanına, onun Molçanovkadakı tələbə nömrələrinə gəlirdi; həm də onlar, əvvəlki kimi, bütün görüş vaxtını öpüşlərlə keçirir, demək olar, daim məst olunca, taqətdən düşüncə öpüşürdülər. Lakin Mityaya elə gəlirdi ki, qəflətən nəsə dəhşətli bir şey başlanmışdır, nəsə dəyişmişdir; Katyanın hərəkətlərində dəyişiklik əmələ gəlmişdir.

O unudulmaz könülaçan günlər, onların təzəcə görüşdükləri, yenicə tanış olaraq birdən, ancaq bir-biri ilə (lap səhərdən axşama qədər də) söhbət etməyin hər şeydən maraqlı olduğunu duyduqları xoş günlər tez keçib-getdi, – o vaxtlar idi ki, Mitya heç gözləmədən, uşaqlıqdan, yeniyetmə yaşlarından gizlincə intizarını çəkdiyi əfsanəvi məhəbbət aləminə qədəm basmışdı. Belə bir vaxt dekabr ayı idi, – şaxtalı, açıq havalı, gündən-günə Moskvanı qalın qırovla bəzəyən və alçaqda dayanan tutqun-qırmızı günəşin zinətləndirdiyi dekabr. Yanvar, fevral Mityanın fasiləsiz səadət bəxş edən məhəbbətini sanki qasırğalı bir təlatümə salmışdı, onun məhəbbəti sanki kamına çatırdı, yaxud da, hər halda, elə indicə kama çatmağa hazır idi. Lakin məhz elə bu vaxt onun bu səadətini nəsə (getdikcə də daha tez-tez) təşvişə salmağa, zəhərləməyə başlamışdı. Elə o zaman çox vaxt ona elə gəlirdi ki, sanki iki Katya mövcuddur: biri o Katya idi ki, Mitya onunla tanışlığının ilk dəqiqəsindən inadkarlıqla arzu etməyə başlamışdı, digəri isə birinci ilə iztirab dərəcəsində uyğun gəlməyən həqiqi, adi Katya idi. Buna baxmayaraq Mitya o zaman indiki duyğusuna bənzəyən bir şey hiss etmirdi.

Hər şeyi izah etmək olardı. Bahar fəslində qarşıya çıxan qadın qayğıları, şey-şüy almaq, sifariş vermək, gah bu, gah da başqa bir şeyi fasiləsiz olaraq düzəltmək, dəyişdirmək əhvalatı başlanmışdı; ona görə də Katya, doğrudan da, çox vaxt anası ilə birlikdə dərzilərin yanına getməli olurdu; bundan başqa, Katya təhsil aldığı xüsusi teatr məktəbində imtahana hazırlaşmalı idi. Buna görə də onun təşvişi, dalğınlığı tamamilə təbii ola bilərdi. Beləliklə də, Mitya dəqiqəbaşı özünə təsəlli verirdi. Lakin təsəllilər kömək etmirdi – onlara rəğmən vəsvəsəli qəlbin dediyi daha güclü idi və daha aydın təsdiq olunurdu. Katyanın ona qarşı daxili diqqətsizliyi getdikcə artırdı, bununla birlikdə, Mityanın bədgümanlığı, qısqanclığı da artırdı. Teatr məktəbinin direktoru öz tərifləri ilə Katyanın başını gicəlləndirirdi, ona görə də Katya özünü saxlaya bilmir, bu tərifləri Mityaya söyləyirdi. Direktor ona demişdi: “Sən mənim məktəbimin iftixarısan”, − o özünün bütün şagirdlərinə sən deyə müraciət edirdi, − həm də ümumi məşğələlərlə yanaşı, Katyanın imtahanlarda xüsusilə güclü təsir bağışlaması üçün dərslərdən sonra ayrıca məşğul olurdu. Axı məlum idi ki, o, qız şagirdlərinin əxlaqını pozur, hər yay mövsümündə onlardan birini özü ilə Qafqaza, Finlandiyaya, xarici ölkəyə aparırdı. Ona görə Mityanın ağlına belə fikir gəlirdi ki, indi direktor Katyanı nəzərdə tutur; bu işdə Katya təqsirkar olmasa da, amma hər halda, yəqin, bunu hiss edir, başa düşür, ona görə də onunla birlikdə, bir növ, murdar, cinayətkar əlaqədədir. Bu fikir Mityaya daha artıq ona görə əzab verirdi ki, Katyanın ona qarşı diqqətinin azalması həddən artıq aşkar idi.

Ona elə gəlirdi ki, ümumiyyətlə, Katyanı ondan nəsə yayındırmağa başlamışdır. Mitya direktor haqqında sakit düşünə bilmirdi. Lakin direktor hələ bir tərəfə! Ona elə gəlirdi ki, ümumiyyətlə, Katyanın məhəbbətinə nəsə başqa maraqlar üstün gəlməkdədir. Kimə, nəyə olan maraqlar? Mitya bunu bilmirdi; o, Katyanı hər şeyə, hamıya, başlıca olaraq onun təsəvvür etdiyi haman ümumi şeyə, guya ki ondan gizli olaraq Katyanın artıq yaşamağa başladığı şəxsə qısqanırdı. Ona elə gəlirdi ki, nəsə Katyanı ondan böyük bir qüvvətlə çəkib uzaqlaşdırır, həm də, ola bilsin, elə bir şeyə tərəf çəkir ki, onun barəsində düşünmək də adamı dəhşətə gətirir.

Bir dəfə Katya anasının yanında yarızarafat ona dedi:

− Mitya, siz qadınlar haqqında Domostroy[1 - “Domostroy” – XVI əsrə aid rus yazılı abidəsinin adı] təriqi mühakimə yürüdürsünüz. Sizdən kamil bir Otello çıxardı. Onda mən sizə heç vaxt vurulmaz və sizə ərə getməzdim!

Anası etiraz etdi:

− Mən isə qısqanclıqsız məhəbbəti təsəvvür edə bilmirəm. Kim qısqanmırsa, məncə, o sevmir.

Başqalarının sözlərini təkrar etməyə daim meyil və həvəs göstərən Katya dedi:

− Yox, ana, qısqanclıq sevdiyin adama qarşı hörmətsizlikdir. − O, qəsdən Mityaya baxmadan dedi: − Bir halda ki mənə inanmırlar, demək, məni sevmirlər.

Anası etiraz etdi:

− Məncə, qısqanclıq, əslində, sevgi deməkdir. Mən bunu hətta haradasa oxumuşam. Orada bu çox yaxşı sübut edilib, hətta Allahın özünün qısqanc və intiqamçı adlandırıldığı Tövratdan gətirilən misallarla isbat edilirdi…

O ki qaldı Mityanın məhəbbətinə, o, indi, demək olar, bütünlüklə ancaq qısqanclıqdan ibarət idi. Həm də bu qısqanclıq sadə deyildi, ona elə gəlirdi ki, nəsə xüsusi bir qısqanclıq idi. Katya ilə Mitya tək qaldıqları saatlarda həddən artıq şeylərə yol vermələrinə baxmayaraq, son yaxınlıq xəttini hələ ki addamamışdılar. İndi, həmin saatlar, Katya əvvəlkindən daha ehtiraslı olurdu. Lakin indi bu da ona şübhəli görünürdü, bəzən nəsə dəhşətli duyğular oyadırdı. Onun qısqanclığını təşkil edən bütün duyğular dəhşətli idi; lakin onların arasında hamısından daha dəhşətli olan bir duyğu var idi ki, Mitya onu nə müəyyən edə, nə də hətta başa düşə bilirdi, bunu heç cür bacarmırdı. Bu ondan ibarət idi ki, son dərəcə ləzzətli və şirin olan, onlar üçün, Mitya ilə Katya üçün dünyada hər şeydən yüksək və gözəl olan həmin ehtiraslar təzahürü, − Mitya Katya ilə başqa bir kişi haqqında düşünəndə, − misilsiz dərəcədə iyrənc şəkil alır və hətta nəsə qeyri-təbii görünürdü. Belə halda Katya onun qəlbində kəskin nifrət duyğusu yaradırdı. Katya ilə üz-üzə özü nə edirdisə, hamısı Mitya üçün tam məftunedici, məlahətli və məsum idi. Lakin öz yerinə başqa birisini təsəvvürünə gətirən kimi ani olaraq hər şey dəyişirdi, hər şey nəsə abırsızlığa çevrilir, Katyanı boğub öldürmək və hər şeydən əvvəl, xəyalına gətirdiyi rəqibi deyil, məhz onu boğub öldürmək arzusu oyadırdı.


III

Nəhayət, Katyanın imtahan günü (pəhrizin altıncı həftəsi) çatanda Mityanın iztirab çəkməkdə bütünlüklə haqlı olması sanki qəsdən düz çıxdı.

Bu günlər Katya onu heç görmür, vecinə almırdı, tamam yadlaşmışdı, bütünlüklə camaata məxsus idi.

Böyük müvəffəqiyyət qazanmışdı. Gəlin kimi, başdan-ayağa ağ geyinmişdi, həm də keçirdiyi həyəcandan daha da məlahətli olmuş, gözəlləşmişdi. Onu yekdilliklə və coşqun alqışlayırdılar, həm də birinci cərgədə oturmuş direktor – baxışları laqeyd, gözləri kədərli olan özündən bədgüman aktyor – yalnız daha artıq təkəbbür xatirinə Katyaya bəzən rəyini bildirir, yavaşdan danışırdı, lakin mülahizəsini elə deyirdi ki, sözləri bütün zalda eşidilir və dözülməz səslənirdi.

Direktor qəti şəkildə, sakit halda:

− Qiraət az olmalıdır, − deyirdi, özü də bu sözləri elə hökmlə deyirdi ki, elə bil Katyanın tam sahibkarı idi. Sözləri fasilələrlə, aydın şəkildə: − Oynama, həyəcan keçir, − deyirdi.

Bu da dözülməz idi. Alqışlara səbəb olan qiraətin özü də dözülməz idi. Katyanın yanaqları qıpqırmızı olmuşdu, utanırdı, səsi bəzən tutulurdu, nəfəsi çatmırdı, həm də bu, həyəcanlandırıcı, füsunkaranə idi. Lakin Katya elə bir bayağı lətafətlə, qəlpliklə və hər bir səsdə sarsaqcasına nidalarla oxuyurdu ki, bu əlamətlərin hamısı Mitya üçün mənfur olan bir mühitdə yüksək qiraət sənətkarlığı, məharəti hesab edilirdi. Katya artıq bütün varlığı ilə bu mühit içərisində yaşayırdı: o danışmırdı, amma daim nəsə bezikdirici və üzüntülü ehtirasla, öz inadkarlığı ilə həddi-hüdudu olmayan, heç bir şeylə əsaslandırılmayan yalvarışla daim qışqırırdı, buna görə də Mitya onun əvəzinə xəcalətdən bilmirdi hara baxsın. Hər şeydən dəhşətlisi isə ondakı mələkcəsinə təmizliklə pozğunluğun qatışığı idi, bu onun pörtmüş çöhrəsindəki ifadədə, estradada qısa görünən ağ donunda, – ona görə ki zalda əyləşənlərin hamısı Katyaya aşağıdan yuxarıya baxırdı, – onun ağ tuflilərində və ağ ipək corabların tarım çəkildiyi qıçlarında təzahür edirdi, – Katya guya ki nəsə mələkcəsinə məsum bir qız haqqında hədsiz süni sadəlövhlüklə oxuyurdu: “Qız kilsə xorunda oxuyurdu”. Mitya da Katyaya qarşı həm kəskin yaxınlıq duyurdu, – sevdiyin bir adama izdiham içərisində həmişə duyduğun bir yaxınlıq kimi, – həm də kinli ədavət, ona görə həm qürur hiss edirdi, – dərk edirdi ki, axı Katya, hər halda, onundur, – eyni zamanda qəlbi parçalayan ağrı duyurdu: yox, indi daha onun deyildi!

İmtahandan sonra yenə səadətli günlər başlandı. Lakin Mitya daha bu günlərə əvvəlki kimi asanlıqla inanmırdı. Katya imtahanı xatırlayaraq deyirdi:

− Sən necə də sarsaqsan! Məgər sən hiss etmirdinmi ki, mən ancaq sənin üçün elə yaxşı oxuyurdum!

Lakin Mitya imtahanda nə hiss etdiyini unuda bilmirdi, etiraf edə bilmirdi ki, bu hislər onu indi də tərk etməmişdir. Onun mübhəm hislərini Katya da duyurdu, bir dəfə gileylənəndə dedi:

− Bir halda ki, sənin fikrincə, mən hər cəhətdən pisəm, onda başa düşə bilmirəm, sən məni nəyə görə sevirsən!

Lakin Katyanı nəyə görə sevdiyini o özü də başa düşmürdü, amma hiss edirdi ki, sevgisi nəinki azalmır, əksinə, Katyaya görə, bu sevgiyə görə, onun gərginləşən qüvvəsinə görə, getdikcə artan tələbkarlığına görə kiminləsə, nə iləsə apardığı qısqanccasına mübarizə ilə birlikdə daim artırdı.

Katya bir dəfə kədərlə dedi:

− Sən mənim qəlbimi, ruhumu deyil, ancaq bədənimi sevirsən!

Bu, yenə də kiminsə yad, süni sözləri idi, lakin bu sözlər nə qədər mənasız və çeynənmiş olsa da, nəsə həll edilməyən – iztirablı şeyə aid idi. Mitya nə üçün sevdiyini bilmirdi… Ümumiyyətlə, sevmək nə deməkdir? Buna cavab vermək xüsusən ona görə mümkün deyildi ki, Mityanın nə sevgi haqqında eşitdiklərində, nə sevgi haqqında oxuduqlarında onu dəqiq müəyyən edən bir kəlmə də yox idi. Kitablarda və həyatda elə bil hamı birdəfəlik və həmişəlik olaraq nəsə ancaq qeyri-maddi sevgi haqqında, yaxud da ancaq ehtiras, şəhvət adlandırılan şey haqqında bəhs etməyi şərtləşdirib. Onun sevgisi isə bunlardan heç birinə bənzəmirdi. O, Katyaya qarşı nə hiss edirdi? Sevgi adlanan şeyimi, yaxud ehtiras deyilən şeyi? Mitya onun koftasının düymələrini açıb, bir növ, qəlbi sarsıdan itaətkarlıqla ən saf və məsumanə tər döşlərini öpəndə onu az qala bayılmaq dərəcəsinə, nəsə ölümqabağı nəşə dərəcəsinə çatdıran Katyanın ruhu idimi, yoxsa bədəni?


IV

Katya getdikcə daha çox dəyişirdi. İmtahandakı müvəffəqiyyətin əhəmiyyəti böyük idi. Amma hər halda, buna nəsə başqa səbəblər də var idi.

Bahar gələndə Katya nəsə dərhal, geyinib-kecinməyə başlamışdı, yaraşıqlı və daim harasa tələsən, bir növ, gənc kübar xanımı olmuşdu. İndi Katya Mitya ilə görüşə gələndə oğlan öz qaranlıq dəhlizi üçün xəcalət çəkirdi, – indi Katya piyada yox, həmişə miniklə gəlirdi, – Katya toru üzünə çəkib ipək donunu xışıldada-xışıldada həmin dəhlizdən tez-tələsik keçirdi. İndi Katya onunla daim nəvazişlə rəftar edir, həmişə də gecikərək görüş müddətini ixtisar edirdi, deyirdi ki, o, yenə anası ilə birlikdə dərzinin yanına getməlidir.

Gözləri heyrətlə parlayan Katya şən halda:

− Başa düşürsənmi, ağına-bozuna baxmadan dəblə geyinirik! − deyir, özü də çox gözəl başa düşürdü ki, Mitya ona inanmır, buna baxmayaraq, hər halda, deyirdi, ona görə ki indi daha danışmalı heç bir şey yox idi.

İndi o daha şlyapasını da, demək olar, çıxartmırdı, çətirini də əlindən yerə qoymurdu. Mityanın çarpayısında getməyə hazır halda əyləşərək ipək corablarının tarım tutduğu baldırları ilə Mityanı dəli edirdi. Yola düşməzdən və bu gün axşam da evdə olmayacağını deməzdən qabaq, – yenə anası ilə kiminsə yanına getmək lazımdır! – Katya həmişə eyni bir hərəkəti təkrar edirdi. Bu hərəkəti o, Mityanı açıqdan-açığa ələ salmaq, özünün dediyi kimi, onun verdiyi bütün “sarsaq” əzabların əvəzini çıxmaq məqsədilə edirdi: riyakarlıqla oğrun-oğrun qapıya baxır, çarpayıdan sürüşüb qalxır, ombasını onun qıçlarına toxunduraraq tələsik pıçıldayırdı:

− Di öpsənə məni!


V

Aprelin axırında Mitya, nəhayət, istirahət etmək üçün kəndə getmək qərarına gəldi.

O özünə də əzab verib lap əldən düşmüşdü, Katyaya da. Həm də bu əzab ona görə daha artıq dözülməz idi ki, onun baş verməsi üçün sanki heç bir səbəb yox idi: doğrudan da, axı nə olmuşdu, Katyanın təqsiri nədir? Həm də bir dəfə Katya qəti ümidsizliklə ona demişdi:

− Hə, yollan, yollan, daha mənim dözməyə taqətim qalmayıb! Biz müvəqqəti olaraq ayrılmalıyıq, münasibətlərimizi aydınlaşdırmalıyıq. Sən elə xarab olubsan ki, anam əmindir: sən vərəm xəstəliyinə mübtəlasan. Mən daha dözə bilmirəm!

Mityanın kəndə yollanmaq məsələsi həll edildi. Lakin Mitya qəm-qüssədən özünü tamam itirmiş olsa da, yola düşmək ərəfəsində, hər halda, özünü az qala xoşbəxt hiss edirdi, bu onu lap heyrətə salmışdı. Yollanmaq məsələsi həll edilən kimi bütün əvvəlki duyğular qəflətən qayıtdı. Axı, hər halda, nə gündüz, nə də gecə ona rahatlıq verməyən o dəhşətli fikirlərdən heç birinə qətiyyən inanmaq istəmirdi. Ona görə də Katyanın hərəkətlərində cüzi təbəddülat əmələ gələn kimi onun nəzərində hər şey yenə dəyişdi. Katya isə artıq heç bir riyakarlıq etmədən yenə mehriban, nəvazişli və coşqun idi, – Mitya bunu özünün qısqanc təbiətinin səhvə yol verməyən həssaslığı ilə duyurdu – o, yenə də Katyagildə gecə saat ikiyə qədər qalmağa başlamışdı, söhbət etməyə yenə mövzu tapılırdı, yola düşmək yaxınlaşdıqca ayrılıb münasibətləri aydınlaşdırmaq daha artıq mənasız görünürdü. Hətta bir dəfə Katya ağladı da, – halbuki o heç vaxt ağlamırdı, – həm də bu göz yaşları qızı ona birdən misilsiz dərəcədə doğmalaşdırdı, kəskin şəfqət duyğusu qəlbini sızıldatdı, sanki Mitya nədənsə Katyanın qarşısında günahkar idi.

Katyanın anası iyunun əvvəlində bütün yay mövsümü müddətinə Krıma yollanırdı. Katyanı da özü ilə aparırdı. Misxorda görüşmək qərarına gəldilər. Mitya da Misxora gəlməli idi.

Mitya yığışırdı, yola düşməyə hazırlıq görürdü, Moskvada əcaib məstlik vəziyyətində gəzib-dolaşırdı, belə vəziyyət o zaman əmələ gəlir ki, adam hələ ayaq üstə gümrah dayansa da, lakin artıq nəsə ağır bir naxoşluğa mübtəla olduğunu hiss edir. Mitya iztiraba düçar olmuş, məst olmuş adam kimi bədbəxt idi, eyni zamanda özünü elə bu iztirabla xoşbəxt hesab edirdi; Katyanın bərpa olunan yaxınlığı, ona göstərdiyi qayğıkeşlik, – Katya hətta onunla yol qayışları almağa getmişdi, sanki onun nişanlısı, yaxud arvadı idi, – ümumiyyətə, onların sevgisinin ilk vaxtlarını xatırladan, demək olar, hər şeyin bərpa olunması Mityanı mütəəssir etmişdi. Mityanın ətrafında nə var idisə, hər şey – evlər, küçələr, küçələrdə piyada və miniklə gedən adamlar, daim bahar fəsli kimi tutqunlaşan hava, toz və yağışın qoxusu, döngələrdəki hasarın arxasında çiçək açan qovaqların müqəddəs qoxusu ona elə bu cür təsir bağışlayırdı. Hər şey ayrılıq kədərini, yay mövsümündə ümidlə yaşamaq, Krımda görüş nəşəsini xatırladırdı, orada artıq heç nə mane olmayacaq və hər şey həll ediləcəkdir (baxmayaraq ki hər şeyin nədən ibarət olduğunu o bilmirdi).

Yola düşən gün Protasov xudahafizləşməyə gəldi. Gimnaziyanın yuxarı sinif şagirdləri və tələbələr arasında özünü sadəlövhcəsinə – qaşqabaqlı masqaraçı göstərmək, dünyada hamıdan təcrübəli, yaşca böyük görkəm almaq ədasını mənimsəyən gənclərə az təsadüf olunmur. Mityanın ən yaxın dostlarından biri olan Protasov da belələrindən idi; onun yeganə həqiqi dostu Protasov Mityanın sirr verməyən lal-dinməz olmasına baxmayaraq, onun sevgisinin bütün sirlərindən xəbərdar idi. O, Mityanın çamadanı bağlayan zaman əllərinin əsməsini gördü, sonra qəmli bir müdrikliklə gülümsəyib dedi:

− Siz saf uşaqsınız, bağışla məni, Allah! Bütün bunlarla birlikdə, mənim tambovlu əziz Verterim, hər halda, bunu başa düşməyin vaxtıdır ki, Katya hər şeydən əvvəl təbiətin ən tipik bir qadınıdır, odur ki polismeyster özü də bu cəhətdən heç nə edə bilməz. Sən mahiyyət etibarilə kişi olduğun üçün divara dırmaşırsan, onun qarşısında nəsli davam etdirmək kimi yüksək instinkt tələbi irəli sürürsən, həm də, əlbəttə, bütün bunlar tamamilə qanunidir, müəyyən mənada hətta müqəddəsdir. Sənin bədənin, Herr Nitsşenin ədalətli olaraq buyurduğu kimi, yüksək idrakdır. Lakin o da qanunauyğundur ki, bu müqəddəs yolda sən özün boynunu sındıra bilərsən. Axı heyvanlar aləmində elələri var ki, onlar özlərinin ilk və sonuncu məhəbbət aktı üçün canlarından keçməli, özlərini qurban verməlidirlər, bu hətta onların alnına yazılıb. Lakin bu alınayazılma, yəqin ki, sənin üçün lap da məcburi olmadığına görə ayıq ol, özünü qoru. Ümumiyyətlə, tələsmə. “Yunker Şmit, şərəfim haqqı, yay qayıdacaqdır!” Dünya yaxşılardan xali deyil, var-yox təkcə Katya deyil. Sənin çamadanı boğmaq səyindən görürəm ki, sən bununla qətiyyən razı deyilsən, bu var-yox sənin üçün olduqca əzizdir. Onda istəmədiyin məsləhət üçün məni bağışla, – qoy müqəddəs Nikola öz əshabələri ilə birlikdə səni hifz etsin!

Protasov Mityanın əlini sıxaraq gedəndən sonra, Mitya yastıqla adyalını qayışlarla sıxıb bağlayanda, həyətə tərəf açıq olan pəncərəsindən, üzbəüzdə yaşayan, nəğmə oxumaq öyrənən və səhərdən axşamadək məşq edən tələbə səsini yoxlayaraq hayqırmağa, “Azra”nı[2 - “Azra” – P.İ.Çaykovskinin H.Heynenin “Azra” şeirinə yazdığı romans] oxumağa başladı. Elə bu dəm Mitya qayışları necə gəldi, tez-tələsik bağladı, papağını qapıb Katyanın anası ilə xudahafizləşmək üçün Kislovkaya yollandı. Tələbənin oxumağa başladığı nəğmənin motivi ilə sözləri onun daxilində elə israrla səslənib təkrar olunurdu ki, Mitya nə küçələri görürdü, nə də qarşıdan gələn adamları, son günlərə nisbətən daha artıq dalğın vəziyyətdə yeriyirdi. Doğrudan da, belə çıxırdı ki, dünyada varsa da, yoxsa da – elə odur, yunker Şmit tapança ilə özünü öldürmək istəyir? Daha nə etməli, bir halda ki dünyada təkcə odur, qoy olsun, – deyə Mitya fikirləşib sonra yenə nəğmə barədə düşündü. Nəğmədə deyilirdi ki, sultanın bağda gəzinən və “öz gözəlliyi ilə işıq saçan” qızı bağda qara köləni qarşılayır, “ölü kimi solğunsifət” kölə fəvvarənin yanında dayanmışdı; sultanın qızı bir dəfə kölədən soruşur: sən kimsən, haradan gəlibsən, kölə məşum tərzdə, lakin itaətkarlıqla cavab verməyə başlayaraq məhzun sadəliklə deyir:

– Məhəmməd deyərlər mənə…

Sonra da sözünü təntənəli-facianə fəryadla bitirir:

– Mən Azrlar nəslindənəm,Biz sevən kimi ölürük!

Katya Mityanı yola salmaq üçün vağzala getməyə hazırlaşır, geyinirdi, öz otağından mehribanlıqla ona qışqırdı, – onun nə qədər unudulmaz saatlar keçirdiyi otaqdan, – dedi ki, birinci zəng çalınana qədər gələcəkdir. Tünd-qırmızı saçlı məlahətli, mehriban qadın tək oturub papiros çəkirdi, özü də Mityaya çox qəmli-qəmli baxdı, – görünür o hər şeyi çoxdan başa düşmüşdü, hər şeydən xəbərdar idi. Al-qırmızı rəng almış, qəlbi titrəyən Mitya oğul kimi başını əyib qadının zərif və bürüşük əlini öpdü, qadın da onun gicgahından ana nəvazişi ilə bir neçə dəfə öpərək üzünə xaç çevirdi.

Cəsarətsiz təbəssümlə ona baxıb Qriboyedovun sözləri ilə dedi:

− Eh, mənim əzizim, gülə-gülə yaşayın! İsa sizə kömək olsun, gedin, yollanın…


VI

Mitya nömrələrdə nə etmək lazım idisə, axırıncı işlərin hamısını icra edərək öz şeylərini, – mehmanxana xidmətçisinin köməyi ilə, – təkatlı əyri faytona yığdı, nəhayət, onların yanında narahat əyləşdi, yola düşüb dərhal da səfərə yollananda adamın fikrinə hakim kəsilən xüsusi təsiri duydu, – həyatın müəyyən müddəti qurtardı (özü də həmişəlik!), – eyni zamanda qəflətən yüngüllük hiss etdi, nəsə yeni bir şeyin başlanmasına ümid yarandı. Mitya bir az sakitləşdi, ətrafa, bir növ, yeni nəzərlə, gümrahlıqla baxmağa başladı. Qurtardı, əlvida, Moskva, əlvida, burada keçirmiş olduğum həyəcan və duyğular! Çiskinləyirdi, hava tutulurdu, döngələr bomboş idi, tutqun çaylaq daşı dəmir kimi parlayırdı, evlər cansıxıcı, çirkli idi. Sürücü faytonu iztirablı dərəcədə yavaş sürür, Mityanı üzünü tez-tez yana çevirməyə və nəfəsini saxlamağa vadar edirdi. Kremlin yanından, sonra da Pokrovkadan ötdülər, sonra yenə döngələrə buruldular, bağlarda yağış yağacağını və axşamın yaxınlaşdığını xəbər verən qarğa boğuq səslə qarıldayırdı, amma hər halda, bahar idi, havada bahar qoxusu duyulurdu. Nəhayət, gəlib çatdılar; Mitya qələbəlik olan vağzalda yükçü çağırmaq üçün perrona yüyürdü, sonra artıq uzun və ağır Kursk qatarının hazır dayandığı üçüncü yola qaçdı. Elə bu dəm qatara tərəf cuman bütün nəhəng və eybəcər izdihamın içərisindən, şey-şüy yüklənmiş əl arabalarını gurultu və xəbərdaredici qışqırıqlarla çəkib aparan bütün yükçülərin arxasından Mitya “öz gözəlliyi ilə parlayan” məxluqu ani olaraq seçə bildi: sevgilisi uzaqda təkcə dayanmışdı, özü də elə bil ki nəinki yalnız bu izdiham içərisində, hətta bütün dünyada tamamilə xüsusi bir məxluq idi. Birinci zəng çalındı, bu dəfə Katya deyil, o gecikmişdi. Katya şəfqət göstərib ondan qabaq gəlmişdi, onu gözləyirdi, özü də Mityanın arvadı, yaxud da nişanlısı kimi yenə qayğıkeşliklə cəld ona yanaşdı:

− Mənim əzizim, cəld özünə yer tut! Bu saat ikinci zəng çalınacaq!

İkinci zəngdən sonra isə Katya platformada daha artıq şəfqətlə dayanmışdı, aşağıdan, artıq ağzına kimi dolmuş və üfunət saçan üçüncüdərəcəli vaqonun qapısında dayanmış Mityaya baxırdı. Onun hər şeyi yaraşıqlı idi, – məlahətli, gözəl çöhrəsi, kiçik fıqurası, təravətli görkəmi, gəncliyi, qadın incəliyinin hələ uşaqlıqla qarışdığı gəncliyi, yuxarı qaldırdığı işıqlı gözləri, büküklərində müəyyən zərif qürurluluq duyulan mavi rəngli sadə şlyapası, hətta onun tünd-boz rəngli kostyumu olduqca gözəl idi. Mitya onun kostyumunun hətta parçasını və ipək astarını da məftunluqla hiss edirdi. Qapıda dayanmış, arıq, pərişan Mitya yola uzunboğaz kobud çəkmələr və köhnə gödəkcə geymişdi, gödəkcənin düymələri sürtülmüşdü, misi parlayırdı. Buna baxmayaraq Katya ona səmimi olaraq sevən və qəmgin nəzərlərlə baxırdı. Üçüncü zəng Mityanın qəlbinə elə gözlənilməz və kəskin zərbə endirdi ki, o, vaqonun meydançasından dəli kimi yerə atıldı. Katya da elə bu cür çılğınlıqla, dəhşətlə onun qarşısına yüyürdü. Mitya dodaqlarını onun əlcəyinə dayadı, geri çəkilərək vaqona atıldı, gözləri yaşarmış halda papağını coşqunluqla, məftuncasına yellətməyə başladı. Katya isə yubkasını əli ilə tutub platforma ilə birlikdə geri hərəkət edə-edə hələ də gözünü ondan çəkmirdi. Katya getdikcə daha sürətlə uzaqlaşırdı, külək pəncərədən boylanan Mityanın saçlarını getdikcə daha çox pırtlaşdırırdı, parovoz isə sürətini artırdıqca artırır, amansızcasına irəli şütüyürdü, həyasızcasına, təhdidlə hayqıra-hayqıra yol tələb edirdi, – qəflətən elə bil Katya da yox oldu, platformanın qurtaracağı da…


VII

Qara buludların qatılaşan uzun bahar toranlığı çoxdan çökmüşdü, ağır vaqonun gurultusu boş və sərin çölə yayılmışdı, – tarlalarda hələ erkən bahar idi, – vaqonun koridorunda konduktorlar gəzişir, biletləri yoxlayır və fənərlərə şam qoyurdular. Mitya isə hələ də cingildəyən pəncərənin yanında dayanmışdı, hələ də dodaqlarında Katyanın əlcəyinin ətrini duyurdu, hələ də son ayrılıq ləhzəsinin kəskin alovunda alışıb-yanırdı. Həm də Moskvanın uzunsürən, xoşbəxt və iztirablı qış mövsümü, onun bütün həyatını dəyişdirmiş bu mövsüm, indi Mityanın qarşısında bütünlüklə və artıq nəsə tamam yeni tərzdə təcəssüm edirdi. İndi Katya da onun gözləri qarşısında yeni biçimdə, yeni baxımdan canlanırdı… Hə, hə, o kimdir, nəkarədir? Bəs sevgi, ehtiras, ruh, qəlb nədir? Bu nə deməkdir? Heç belə bir şey yoxdur, – nəsə başqa bir şey, tamam başqa şey mövcuddur! Bax elə bu əlcək ətri – məgər bu da mı Katya deyil, sevgi, ruh, can deyil? Vaqondakı mujiklər də, fəhlələr də, öz eybəcər uşağını ayaqyoluna aparan arvad, cingildəyən fənərlərdəki zəif işıqlı şamlar, boş bahar zəmilərindəki toranlıq – hamısı sevgidir, hamısı ruh və hamısı işgəncədir, hamısı da misilsiz bir sevincdir.

Səhər Oryola çatdı, qatarı dəyişmək lazım idi, əyalət qatarı uzaq platformanın yanında dayanmışdı. Mitya düşündü: artıq haradasa dünyanın o başında qalmış Moskva mühitinə, mərkəzini indi sanki tək-tənha qalmış, zavallı, lakin mehribanlıqla sevilən Katyanın təşkil etdiyi mühitə nisbətən bu necə də sadə, sakit və doğma mühitdir! Hətta bəzi yerini yağışlı buludların seyrək maviliyi bürüyən səma da, külək də burada sadə və sakitdir… Oryoldan qatar yavaş gedirdi, demək olar, baş vaqonda əyləşmiş Mitya Tulada hazırlanan naxışlı pryanikdən aram-aram yeyirdi. Sonra qatar sürətini artırdı, onu mürgülədib yatırtdı.

Mitya ancaq Verxovyedə oyandı. Qatar dayanmışdı, camaat çox və qələbəlik idi, lakin bura da, bir növ, ucqarlıq kimi idi. Stansiya mətbəxinin xoş qoxusu yayılmışdı. Mitya məmnuniyyətlə bir nimçə kələm şorbası yedi və bir butulka pivə içdi, sonra yenə mürgüləməyə başladı. Yenə oyananda gördü ki, qatar sürətlə, bahar libası geymiş tozağacı meşəsi ilə gedir, son stansiya qarşısındakı bu yerlər ona artıq tanış idi. Yenə də bahar fəslinin toranlığı qatılaşırdı, açıq pəncərədən yağışın və sanki göbələklərin qoxusu gəlirdi. Meşə hələ tamam çılpaq idi, buna baxmayaraq qatarın gurultusu orada tarlaya nisbətən daha aydın əks olunurdu, uzaqda isə stansiyanın bahar fəslinə xas olan hüzn doğuran işıqları sayrışırdı. Bu dəm semaforun yaşıl uca işığı göründü, – belə toranlıqda çılpaq tozağacı meşəsində semaforun işığı xüsusilə gözəl olur, – qatar taqqataqla başqa yola keçdi… Aman Allah, platformada ağazadəni gözləyən işçi necə də kəndlisayağı zavallı və mehribandır!

Stansiyadan böyük kəndin içi ilə getdikləri vaxt toranlıqla qara buludlar daha da qatılaşırdı, kənd də baharsayağı hələ zığ-palçıqlı idi. Hər şey bu qeyri-adi mülayim toranlıqda, torpağın aşağı çökmüş qeyri-müəyyənliyində yağışlı qara buludlarla birləşmiş isti gecənin dərin sükutuna qərq olurdu. Mitya yenə heyrət edir və sevinirdi: kənd çoxdan yuxuya getmiş, bu iyli, bacasız daxmalar necə də sakit, sadə, yoxsuldur, – mehriban insanlar Blaqoveşşeniyedən[3 - Blaqoveşşeniye – xristian bayramlarından biri] bəri işıq yandırmırlar, – bu qaranlıq və isti bozqır mühiti necə də könülaçandır! Minik arabası çala-çuxura düşür, palçığa batırdı, varlı mujikin həyəti arxasında hələ də tamam çılpaq olan, nəzərləri oxşamayan palıd ağacları ucalırdı, ağaclarda zağca yuvaları qaralırdı. Sanki qədim əyyamlardan qalma əcaib bir mujik daxmanın yanında dayanıb diqqətlə qaranlığa baxırdı. Mujik ayaqyalın idi, cırıq armyak geymiş, uzunsaçlı başına papaq qoymuşdu… Bu dəm isti, ləzzətli, ətirli yağış yağmağa başladı. Mitya bu daxmalarda yatan qızlar haqqında, cavan gəlinlər haqqında, qış mövsümündə Katya ilə münasibətlərində yaxınlaşmış olduğu bütün qadın məziyyətləri haqqında düşünməyə başladı, hər şey – Katya, qızlar, gecə, bahar, yağışın ətri, bar verməyə hazır olan şumlanmış torpağın qoxusu, at tərinin qoxusu və layka əlcəyinin ətri haqqındakı xatirə – hamısı bir-birinə qarışdı…


VIII

Kənddə həyat heyranedici, dinc günlərlə başlandı.

Gecə stansiyadan gedəndə yolda Katyanın surəti sanki sönmüşdü, bütün ətrafdakı şeylər içərisində əriyib yox olmuşdu. Lakin yox, bu ancaq belə görünmüşdü və bir neçə gün də belə görünürdü, o vaxta qədər ki, Mitya yatıb yuxusunu alır, özünə gəlir, doğma yurdun, kənd baharının, baharın üryanlığının və təmiz, təravətli tərzdə yenidən çiçəklənməyə hazır olan aləmin boşluğuna, uşaqlıqdan tanış olan təəssüratın təzəliyinə alışırdı.

Malikanə kiçik idi, ev köhnə və sadəydi, təsərrüfat mürəkkəb deyildi, çox xidmətçi tələb etmirdi, – Mitya üçün dinc, sakit həyat başlanmışdı. Gimnaziyanın ikinci sinfində oxuyan bacısı Anya, yeniyetmə kadet qardaşı Kostya hələ Oryolda idilər; ən tezi iyunun əvvəllərində gəlməli idilər. Anası Olqa Petrovna həmişəki kimi təsərrüfatla məşğul idi, təsərrüfat işində ona ancaq prikazçik kömək edirdi, – xidmətçilər onu kovxa adlandırırdılar, – Olqa Petrovna tez-tez çöldə olurdu, hava qaralan kimi yatırdı.

Mitya gələn günün ertəsi, on iki saat yatandan sonra, yuyunub təmiz geyinmiş halda, özünün gün işığına qərq olan otağından – otağının pəncərələri bağa, şərqə tərəf idi – çıxıb bütün o biri otaqlardan keçəndən sonra onların məhrəmliyini və qəlbi də, canı da dincəldən sadəliyini dərin həyəcanla hiss etdi. Hər yerdə hər şey bir çox il bundan əvvəlki kimi öz yerində dayanmışdı, elə o cür də tanış və xoş qoxu gəlirdi; onun gəlməsi münasibətilə hər şey yığışdırılıb səliqəyə salınmışdı, bütün otaqların döşəmələri yuyulmuşdu. Təkcə dəhlizə, nökər otağına, – onu hələ indiyə qədər də nökər otağı adlandırırdılar, – bitişən zalı yuyub qurtarmaqda idilər. Kənddən gəlmiş, günəmuzd işləyən üzü çilli qız eyvana açılan qapının yanındakı pəncərədə dayanıb əlini üst şüşəyə tərəf uzadaraq şüşəni silirdi; aşağı şüşələrdə isə sanki göy rəngə çalan uzaq inikasla əks olunurdu. Ağ ayaqları yalın qulluqçu Paraşa böyük cındırı içi qaynar su ilə dolu olan vedrədən çıxarıb su tökülmüş döşəmədə xırda dabanları üstündə yeriyirdi, özü də pörtmüş sifətinin tərini çırmanmış qolu ilə silərək dostcasına, heç nədən utanmadan dedi:

− Gedin çay için, ananız hələ alaqaranlıqdan kovxa ilə birlikdə stansiyaya gedib, siz, yəqin, heç eşitməyibsiniz…

Elə dərhal gözünün qarşısında hökmlə Katya canlandı: Mitya hiss etdi ki, bu çırmanmış qadın qoluna və pəncərədə əlini yuxarı uzadan qızın zərif dirsəyinə, altında möhkəm çılpaq baldırları görünən yubkasına ehtiras və həvəslə baxır; özü də Katyanın dərin təsirini, özünün ona mənsub olmasını sevinclə duydu; bu səhərin bütün təəssüratlarında Katyanın gizlin mövcud olmasını hiss edirdi.

Həm də bu mövcudluq gündən-günə daha canlı və daha qabarıq hiss olunurdu. Mitya özünə gəlib sakitləşdikcə, Moskvada onun arzularında yaranan Katya ilə iztirablı dərəcədə birləşməyən o adi Katyanı unutduqca bu təəssürat daha gözəl şəkil alırdı.


IX

İndi Mitya ilk dəfə idi ki, evdə böyük kimi yaşayırdı, hətta anası da onunla əvvəlkinə nisbətən ayrı cür rəftar edirdi, başlıcası isə qəlbində ilk həqiqi məhəbbət duyğusu ilə yaşayırdı; yeniyetməlikdən bütün varlığı ilə gizlincə gözlədiyi şeyi həyata keçirirdi.

Hələ körpə vaxtı onun qəlbində bəşər dilində nəsə ifadə edilə bilməyən bir şey heyrətamiz və mübhəm şəkildə baş qaldırmışdı. Nə vaxtsa, haradasa, gərək ki, bu da baharda, bağda, yasəmən kollarının yanında olmuşdu – qabar böcəklərinin tünd qoxusu yadında qalmışdı – o hələ lap balaca ikən bir nəfər gənc qadınla, – yəqin, öz dayəsi ilə, – yanaşı dayanmışdı, – qəflətən onun qarşısında səmavi şəfqət nəyisə nura qərq etdi, – bilmədən onun çöhrəsinimi, yoxsa dolğun döşlərindəki sarafanımı işıqlandırdı, həm də nəsə həqiqətən ana bətnindəki uşaq kimi onun daxilində qızğın dalğatək keçib cərəyanla gəldi… Lakin o, yuxu kimi idi. Sonralar – uşaqlıq, yeniyetməlik illərində, gimnaziyada təhsil aldığı illər ərzində nə baş vermişdisə, hamısı yuxu kimi idi. Onun uşaq şənliklərinə öz anaları ilə gələn qızlardan gah birinə, gah da başqasına nəsə heç bir şeyə bənzəməyən xüsusi bir duyğu ilə valeh olurdu; donları, başmaqları balaca, başına ipək bant bağlamış – yenə də heç bir şeyə bənzəməyən bu kiçik, füsunkar məxluqun hər bir hərəkətinə gizlincə böyük bir maraqla tamaşa edirdi. Gimnaziya tələbəsi olan bir qıza (bu artıq sonralar, quberniya şəhərində baş vermişdi) məftun olmuşdu; bu məftunluq, demək olar, bütün payız fəslində və artıq daha şüurlu surətdə davam etmişdi; bu qız tez-tez axşamlar qonşu bağın hasarı arxasındakı ağacda peyda olurdu: onun şuxluğu, masqaraçılığı, qəhvəyi donu, saçlarındakı girdə darağı, çirkli, balaca əlləri, gülüşü, şaqraq qışqırığı – hamısı elə idi ki, Mitya səhərdən-axşamadək onun haqqında düşünür, qüssələnir, hətta bəzən ağlayır, qızdan sönmək bilməyən bir təmənna, istək ona rahatlıq vermirdi. Sonra bu da nəsə öz-özünə qurtardı, yadından çıxdı, yeni, az-çox uzunsürən, – yenə də mübhəm şəkildə, – məftunluq yarandı; gimnaziyanın rəqs gecələrində gözlənilməz sevgidən yaranan kəskin sevinc və kədər duyğuları oyadırdı… Canında nəsə üzüntülər əmələ gəlir, qəlbində isə dumanlı hislər, nəyinsə intizarı baş qaldırırdı…

Mitya kənddə anadan olmuş və kənddə böyümüşdü, lakin gimnaziya tələbəsi olanda bahar fəslini istər-istəməz şəhərdə keçirirdi, tək bircə il, inişil, pəhriz bayramında kəndə gələndə naxoşlamışdı. Sağaldığı müddətdə – mart ayında və aprelin yarısı ərzində evdə qaldı. Bu, unudulmaz vaxt idi. İki həftə yatağında uzanıb yalnız pəncərədən hər gün dünyada isti və işığın artması ilə birlikdə dəyişən səmanı, qarı, bağı, onun ağaclarının gövdələrini və budaqlarını görürdü. Görürdü ki, səhərdir, gün işığına qərq olan otaq istidir, cana gələn milçəklər şüşələrdə sürünür… Ertəsi gün nahardan sonra günəş evin arxasında, o biri tərəfdən peyda olub, pəncərədə isə baharın mavi rəngə boyanan ağ qarı solğunlaşır, göydə, ağacların zirvələrində iri ağ buludlar dayanıb… Bir gün də keçəndən sonra görürdü ki, buludlu səmada elə parlaq açıqlıq var, ağacların islanmış gövdələri elə parlayır, pəncərə üzərindəki damdan damcılar elə tökülür ki, adam bunlara baxmaqdan doymur, sevindikcə sevinir… Sonra isti dumanlar əmələ gəldi, yağışlar yağdı, bir neçə gündə qar əriməyə başladı, çayın donu açıldı, bağda da, həyətdə də torpaq sevinc və təravətlə canlanıb qaralmağa başladı… Martın axırındakı bir gün uzun müddət Mityanın yadından çıxmadı, həmin gün ilk dəfə at belində tarlaya getmişdi. Səma parlaq deyildi, lakin bağın solğun ağacları arasında misilsiz dərəcədə gur və təravətli işıq saçırdı. Tarlada hələ sərin külək əsirdi, kövşənlik şumlanmamışdı, sarı idi, şumlanan yerlər isə, – yulaf əkmək üçün şumlayırdılar, – parıldayırdı, birinci şum edilmiş qara torpaq öz əzəli qüdrətini kəsb etmişdi. Mitya bütünlüklə bu kövşənli və şumlanmış yerlərlə meşəyə tərəf gedir, bir başından o biri başına qədər görünən çılpaq, kiçik, təmiz havalı meşəyə tamaşa edirdi, sonra meşənin çuxurluqlarına endi; keçənilki qalın xəzəl atın ayaqları altında xışıldayırdı, bəzi yerdə xəzəl qupquru, açıq-sarı rəngdə idi, bəzi yerdə isə yaş, qəhvəyi rəngdə idi; xəzəl səpələnmiş yarğanlardan keçdi, buralarda hələ daşqın suyu axırdı, kolların dibindən, atın lap ayaqları altından isə qaramtıl-qızılı meşə cüllütləri pırıltı ilə havaya qalxırdı… Bütün bu bahar fəsli və xüsusilə çöldə olduqca təravətli küləyin ona tərəf əsdiyi bol su hopmuş kövşənlikdən və qara zəmilərdən ötüb-keçən atın isə enli burun pərələrindən səs-küylə nəfəs alaraq valehedici qüvvətlə fınxırıb xırıldadığı həmin gün Mitya üçün nə idi? O zaman Mityaya elə gəlirdi ki, onun ilk həqiqi məhəbbəti məhz bu bahar fəsli idi; kiməsə, nəyəsə bütün varlığı ilə vurulduğu, gimnaziya tələbələri olan bütün qızları, dünyanın bütün qızlarını sevdiyi günlər idi. Lakin həmin günlər indi ona necə də uzaq görünürdü! O zaman hələ lap balaca oğlan idi, məsum, sadədil, öz sadə kədərləri, sevincləri və xəyalları ilə yaşayan bir oğlan! O zaman onun mənasız, səmərəsiz məhəbbəti röya, yaxud da, daha doğrusu, nəsə gözəl bir röya haqqındakı xatirə idi. İndi isə dünyada Katya var idi, bu dünyanı özündə təcəssüm etdirən və onun bütün varlığı üzərində qələbə çalan canan var idi.


X

Bu ilk vaxtlar Mitya Katyanı məşum bir duyğu ilə ancaq bircə dəfə xatırlamışdı.

Bir dəfə, axşamdan xeyli keçmiş, Mitya arxadakı artırmaya çıxmışdı. Çox qaranlıq, sakit axşam idi, rütubət çökmüş tarla qoxusu yayılmışdı. Gecə buludların arxasında, bağın tutqun çevrələri üzərində xırda ulduzlar sayrışırdı. Birdən haradasa uzaqda nəsə çılğınlıqla, dəhşətlə uğuldayaraq hürməyə, zingildəməyə başladı. Mitya diksindi, quruyub qaldı, sonra artırmadan ehtiyatla endi. Elə bil hər tərəfdən onu ədavətlə güdən qaranlıq xiyabana girdi, yenə ayaq saxlayıb gözləməyə, qulaq asmağa başladı: bu nədir, səs-küyü gözlənilmədən və dəhşətli surətdə bağı bürüyən şey haradadır? Kor yapalaq, öz məhəbbətini bəyan edən meşə bayquşudur, vəssalam, – deyə Mitya düşünürdü, amma bu zülmət içərisində sanki iblisin özünün mövcud olmasından ehtiyat edərək quruyub qalmışdı. Mityanın bütün varlığını sarsıdan uğultu qəflətən yenə haradasa yaxında, xiyabanın başında eşidildi, nəsə şaqqıldadı, səs-küy saldı, iblis səssizcə harasa bağın başqa bir yerinə keçdi. Orada əvvəlcə uladı, sonra da həzin-həzin, uşaq kimi yalvarışla inildəməyə, ağlamağa, qanadlarını çalmağa və iztirablı bir nəşə ilə qarıldamağa başladı, zingildədi, elə öcəşkənliklə qəhqəhə çəkməyə başladı ki, elə bil onu qıdıqlayır və işgəncə verirdilər. Mitya bütün bədəni əsə-əsə gözünü zilləyib zülmət qaranlığa baxır və diqqətlə qulaq asırdı. Lakin iblis birdən boğuldu, səsi tutuldu. Sonra da ölüm ayağındakı üzücü fəryadı ilə qaranlıq bağın sükutunu pozaraq elə bil yoxa çıxdı. Mitya bu sevgi dəhşətinin yenidən başlanmasını əbəs yerə bir neçə dəqiqə də gözləyərək sakitcə evə qayıtdı – özü də bütün gecə yuxulaya-yuxulaya mart ayında Moskvada sevgisinin iztirablı iyrənc fikir və duyğulara çevrilməsini xatırlayaraq əzab çəkirdi.

Lakin səhər, gün doğanda, gecəki əzablarını çox tez unutdu. Onun Moskvadan müvəqqəti olaraq getməli olmasını qəti qərara alanda Katyanın necə ağladığını xatırladı, iyunun əvvəllərində onun da Krıma gələcəyi fikrindən Katyanın necə sevinclə yapışdığını, səfərə hazırlaşarkən Katyanın ona necə şəfqətlə kömək etməsini, onu vağzalda necə yola salmasını xatırladı… Mitya Katyanın fotoşəklini çıxartdı, qızın balaca, yaraşıqlı başına bir xeyli tamaşa edə-edə onun səmimi, safqəlbli baxışının təmizliyinə, aydınlığına heyran oldu… Sonra Katyaya, sevgilərinə dərin inam ifadə edən xüsusilə uzun və xüsusilə səmimi məktub yazdı, yenə də yaşadığı hər anda və sevindiyi hər şeydə daim Katyanın sevən və işıqlı surətini duyurdu, bu surət fasiləsiz olaraq onun gözləri qarşısında canlanırdı.

Doqquz il bundan əvvəl atası öləndə necə həyəcan keçirdiyi Mityanın yadında idi. Bu da baharda baş vermişdi. Bu ölümdən bir gün sonra Mitya çəkinə-çəkinə, heyrət və dəhşətlə zaldan keçəndə atasının meyitini görmüşdü; atasını masa üzərinə uzatmışdılar; solğun iri əlləri hündürə qalxmış sinəsi üzərində çarpazlanmışdı; saqqalı qaralırdı, burnu ağappaq idi, ona zadəgan mundiri geyindirmişdilər; Mitya artırmaya çıxdı, qapının yanına qoyulmuş böyük tabut qapağına baxdı, qapağa qızılı zərxaradan üz çəkilmişdi, – birdən hiss etdi ki, dünyada ölüm vardır! Bu ölüm hər şeydə mövcud idi: gün işığında, həyətdəki bahar otlarında, səmada, bağda… O, bağa, işıqdan ala-bula rəngə boyanmış cökə xiyabanına, sonra daha gur gün işığı düşən yandakı xiyabanlara girdi, ağaclara və ilk ağ rəngli kəpənəklərə tamaşa etdi, şirin-şirin cəh-cəh vuran ilk quşların səsini dinlədi – heç nəyi də tanıya bilmirdi: hər şeydə ölüm əlaməti, zaldakı dəhşətli masa və artırmada zərxaralı uzun qapaq mövcud idi! Günəş əvvəlki kimi deyildi, nəsə ayrı cür işıq saçırdı, otun yaşıl rəngi əvvəlki kimi deyildi, hələ ancaq yuxarısı qızan bahar otlarına kəpənəklər əvvəlki kimi qonub dayanmırdılar, – heç nə əvvəlki kimi, bir gün əvvəl olduğu kimi deyildi, sanki dünyanın axırı yaxınlaşdığı üçün hər şey dəyişmişdi, baharın gözəlliyi, onun əbədi gəncliyi puç olmuşdu, acınacaqlı vəziyyət almış, qəmlənmişdi! Həm də bu, uzun çəkdi, sonra dəhşətli, mənfur, şirintəhər qoxu… yuyulmuş və bir çox dəfə havası dəyişdirilmiş evdə hələ uzun müddət, bütün bahar fəsli ərzində hiss olundu…

Mitya indi də elə bu cür, – lakin tamam başqa bir şəkildə – vəsvəsə duyurdu: bu bahar, onun ilk məhəbbət baharı da bütün əvvəlki baharlara nisbətən tamam ayrı cür idi. Dünya yenə dəyişmişdi, yenə sanki nəyləsə, kənar bir şey dolmuşdu, lakin bu, ədavətli, dəhşətli şey deyildi, əksinə, baharın sevinci və gəncliyi ilə gözəl surətdə qovuşan varlıq, gerçəklik idi. Bu kənar şey Katya idi, daha doğrusu, Mityanın ondan istədiyi, tələb etdiyi dünyada ən gözəl şey idi. İndi, bahar günləri ötüb-keçdikcə Mitya ondan getdikcə daha çox, daha artıq tələb edirdi. İndi, Katyanın mövcud olmadığı, yalnız onun surəti, əsl olan deyil, yalnız arzu edilən surəti mövcud ikən, o sanki özündən tələb edilən həmin təmiz və gözəl xüsusiyyəti heç bir şeylə pozmurdu, həm də Mitya nəyə baxırdısa, hamısında onun varlığını gündən-günə daha canlı, daha qabarıq hiss edirdi.


XI

Mitya buna evdə qaldığı elə ilk həftədən sevinə-sevinə inanmışdı. Onda hələ, bir növ, baharın ərəfəsi idi. O, əlində kitab qonaq otağının açıq pəncərəsi yanında oturmuşdu, kiçik bağçadakı ağ şamların və şamağaclarının gövdələri arasında biçənəklərdəki çirkli kiçik çaya, çaydan o tərəfdə yamaclardakı kəndə tamaşa edirdi: qonşuluqdakı mülkədar bağının qocaman çılpaq tozağaclarının arasında zağcalar qışqırırdılar, onlar hələ səhərdən-axşama qədər, yorulmadan, nəşəli qayğı və zəhmətdən yorğun düşmüş halda qışqırırdılar; bu zağcalar ancaq ilk bahar çağında belə bağırırdılar; yamaclardakı kəndin görkəmi hələ boz idi, adam görünmürdü; orada hələ təkcə söyüd çubuqlarını sarımtıl yarpaqlar bürümüşdü… Mitya bağa gedirdi: bağ da hələ alçaq, çılpaq idi, təkcə başdan-başa firuzə rəngli xırda çiçəklərlə bəzənmiş talalar yaşıllıq içində idi, bir də xiyabanlar boyunca akatnik yarpaqlamışdı; bağın aşağı, cənub hissəsindəki dərədə bir albalı bağı azca çiçəklənmişdi… Mitya tarlaya çıxırdı: tarla hələ boş, bomboz idi, zəmi hələ cadar-cadar idi, qurumuş tarla yolları hələ kələ-kötür və bənövşəyi idi… Həm də bütün bunlar gəncliyə mənsub çılpaqlıq idi, intizar dövrü idi, bütün bunlar Katya idi. Ona ancaq elə gəlirdi ki, guya günəmuzd işləyən gah bu, gah da digər bir iş görən qızlar, nökər otağındakı işçilər, mütaliə, gəzintilər, kəndə, tanış mujiklərin yanına getməsi, anası ilə söhbətləri, kovxa ilə (istefada olan ucaboylu, kobud soldatla) minik arabasında tarlaya yollanmalar onu yayındırır…

Sonra yenə bir həftə keçdi. Bir dəfə gecə şıdırğı yağış yağırdı, sonra da qızmar günəş nəsə dərhal yeri isitdi, bahar özünün həlimlik və solğunluğunu itirdi, ətrafdakı göz qabağındakı hər şey gündən-günə deyil, saatdan-saata dəyişməyə başladı. Zəmiləri şumlamağa, qara məxmərə çevirməyə başladılar, tarla mərzləri yaşıllaşdı, həyətdəki göy otlar təravətləndi, səma tünd və parlaq göy rəngə boyandı, bağ çox cəld təravətli görkəmindən hətta yumşaq olan yaşıllığa bürünməyə başladı; boz yasəmən salxımları bənövşəyi rəng alıb ətir saçmağa başladı; onun tünd-yaşıl rəngli parlaq yarpaqlarında və cığırlardakı hərarətli işıq ləkələrində bir çox göyümtül metal parıltısı rənginə çalan iri qara milçəklər əmələ gəlmişdi. Alma, armud ağaclarında çılpaq budaqlar hələ görünürdü; bu ağaclarda xırda, bozumtul və xüsusilə yumşaq yarpaqlar hələ indi-indi açılmağa başlayırdı; lakin öz əyri budaqlarının şəbəkələrini başqa ağacların altında hər yerə uzatmış olan bu alma və armud ağaclarının hamısı artıq süd kimi ağ çiçəklə bəzənmişdi; həm də bu rəng getdikcə daha da artır, daha da qatılaşır və daha xoş ətir saçırdı. Mitya bu gözəl günlərdə ətrafında baş verən bütün bahar dəyişikliklərini sevinc və diqqətlə müşahidə edirdi. Lakin onların arasında Katya nəinki geri çəkilmir, nəinki itmirdi, əksinə, bunların hamısında iştirak edirdi, hamısında özünü, öz gözəlliyini, baharın çiçəklənməsi ilə birlikdə, getdikcə daha gözəl, zəngin ağ rəngə boyanan və getdikcə daha tünd mavilik kəsb edən səma ilə birlikdə çiçəklənən gözəlliyini bəxş edirdi.


XII

Beləliklə də, Mitya bir dəfə çay içmək üçün ikindiçağının günəş işığına qərq olan zala daxil olanda samovarın yanında qəflətən, bütün səhərçağı əbəs yerə gözlədiyi məktubu gördü. Cəld masaya yanaşdı, – axı Katya onun göndərdiyi məktublardan, heç olmasa, birinə çoxdan cavab verməli idi, – üzərində tanış xətlə ad və ünvan yazılmış qəşəng kiçik zərfə nəzər salanda sanki zərfin parlaq və müdhiş işığı onun gözlərini qamaşdırdı. Zərfi qapıb evdən bayıra çıxdı, sonra bağa, böyük xiyabana ayaq aldı. Bağın lap o başına, dərənin bağdan keçdiyi yerə getdi, ayaq saxladı, dönüb dala baxaraq cəld zərfi cırdı. Məktub qısa, bir neçə sətirdən ibarət idi, lakin qəlbi elə çırpınırdı ki, nəhayət, başa düşmək üçün Mitya bu sətirləri beş dəfə oxumalı oldu. “Mənim sevgilim, mənim yeganəm!” – sözlərini dönə-dönə oxudu, – bu nidalardan yer onun ayaqları altında titrəyirdi. Mitya gözlərini qaldırdı: səma bağın üzərində təntənə və sevinclə parıldayırdı, onun ətrafında qar kimi ağappaq bağ işıq saçırdı, ikindiçağının sərinliyini artıq duymuş olan bülbül nəşə ilə, vəcdə gələrək aydın və güclü səslə uzaqdakı kolların təravətli yaşıllığında cəh-cəh vururdu, – Mityanın pörtmüş sifəti ağardı, tükləri ürpəşdi.

O, evə yavaş-yavaş gedirdi, – onun sevgi kasası aşıb-daşırdı. Sonrakı günlər də sakitcə, səadət hissi ilə yeni məktubu gözləyə-gözləyə bu duyğunu qəlbində elə o cür ehtiyatla gəzdirirdi.


XIII

Bağ müxtəlif qiyafəyə düşürdü.

Bağın bütün cənub hissəsi üzərində ucalan, hər yerdən görünən nəhəng qocaman ağcaqayın daha da böyümüş və qol-budaq atmışdı, – təravətli, sıx yaşıl yarpaqlarla örtülmüşdü.

Mityanın öz pəncərələrindən daim tamaşa etdiyi böyük xiyaban da hündür və görkəmli olmuşdu: onun qocaman cökələrinin zirvələri hələlik seyrək də olsa, tər yarpaqlarla naxış-naxış bəzənmişdi, baş qaldıraraq bağın üzərində açıq-yaşıl cərgə ilə uzanmışdı.

Ağcaqayından aşağıda, xiyabanın alt tərəfində isə nəsə başdan-başa ağ rəngli, xoşətirli qıvrım bitki sahəsi idi.

Həm də bütün bunlar – ağcaqayının qalın yarpaqlarla örtülmüş nəhəng zirvəsi, xiyabanın açıq-yaşıl cərgəsi, duvaq kimi ağ alma, armud ağacları, meşəgilası, günəş, səmanın göylüyü və bağın aşağı tərəfində, dərədə, yandakı xiyabanlar və cığırlar boyunca, evin cənub divarlarının dibində – nə göyərirdisə, – yasəmən kolları, akasiyalar və qarağat kolları, pıtırğan, gicitkən, cır ərik, – bunların hamısı öz qalınlığı, təravəti və təmizliyi ilə insanı valeh edirdi.

Təmiz və yaşıllığa qərq olmuş həyət hər tərəfdən uzanan bitkilərdən elə bil darısqallaşmışdı, ev sanki kiçilmiş və gözəlləşmişdi. O sanki qonaqlar gözləyirdi: bütün otaqların – ağ zalın, köhnə dəbli göy qonaq otağının, kiçik istirahət otağının – bu otaq da göy idi – divarlarından oval miniatürlər asılmışdı, gün işığı düşən kitabxananın, qabaq bucağında köhnə müqəddəs surətlər olan və divarlar boyunca alçaq kitab dolabları düzülmüş böyük və boş künc otağın pəncərə və qapıları bütün gün açıq idi. Hər yerdə də evə yaxınlaşan, müxtəlif yaşıl, gah açıqrəngli, gah da budaqlarının arasını parlaq mavilik bürüyən tutqun, təravətli ağaclar otaqlara boylanırdı.

Lakin məktub gəlmirdi. Katyanın məktub yazmağa həvəsi olmadığını Mitya bilirdi, onu da bilirdi ki, yazı masası arxasında əyləşməyə hazırlaşmaq, qələm, kağız, zərf tapmaq, marka almaq Katya üçün çox çətin idi… Lakin bu ağıllı fikirlər yenə pis kömək edirdi. Onun ikinci məktubu gözlədiyi bir neçə gün ərzindəki xoşbəxt, hətta qürurlu inamı yox olmuşdu, o, getdikcə daha çox, daha artıq əzab çəkir və təşvişə düşürdü. Axı birincitək kağızdan sonra dərhal nəsə daha gözəl və sevindirici bir şey gəlməli idi. Lakin Katya susmuşdu.

Mitya daha kəndə seyrək gedir, tarlaya az-az yollanırdı. Kitabxanada əyləşir, on illər ərzində saralan və dolablarda quruyan məcmuələri vərəqləyirdi. Jurnallarda qədim şairlərin bir çox gözəl şeirləri, ecazkar sətirlər var idi, onlar, demək olar, həmişə eyni şeydən bəhs edirdi – dünya yaranandan bəri bütün şeir və nəğmələrin dolğun məzmununun nədən ibarət olduğundan, indi onun özünün də ruhunun nə ilə yaşadığından və hər halda, nəyi daim özünə, öz sevgisinə, Katyaya aid edə bildiyindən bəhs edirdi. Beləliklə də, açıq dolabın yanındakı kresloda saatlarla hərəkətsiz oturub özünə əzab verə-verə bu sətirləri dönə-dönə oxuyurdu:

Adamlar yatır, dostum, gedək kölgəli bağa,
Hamı yatır, ulduzlar başlayıb göz qoymağa…

Bütün bu məftunedici sözlər, bütün bu çağırışlar sanki onun özününkü idi, indi onlar elə bil ancaq bir adama, onun Mityanın daim hər şeydə və hər yerdə gördüyü cananına edilən müraciət idi, həm də bəzən az qala müdhiş səslənirdi:

Ayna suların üstüylə
Qu quşları qanad çalır.
Çay da ürək kimi çırpır:
– Gəl çıx! Ulduzlar parlaşır,
Yarpaqlar da pıçıldaşır,
Mavi göy üzünü tapır.

Mitya gözlərini yumaraq dəhşətə gəlib bu çağırışı – öz təntənəsinin fərəhli həllini səbirsizliklə gözləyən sevgi qüvvəsi ilə dolu qəlbinin çağırışını dalbadal bir neçə dəfə təkrar edirdi. Sonra xeyli vaxt qarşısına baxır, evi əhatə edən dərin kənd sükutunu dinləyir və qəmli-qəmli başını bulayırdı Yox, Katya cavab vermirdi, o haradasa orada, yad və uzaq Moskva mühitində dinməzcə şəfəq saçırdı! Yenə qəlbi zərif duyğudan məhrum olurdu. Bu müdhiş, məşum ovsunlayıcı çağırış yenə artırdı:

– Gəl çıx! Ulduzlar parlaşır,
Yarpaqlar da pıçıldaşır,
Mavi göy üzünü tapır.


XIV

Bir dəfə, nahar edib mürgüləyəndən sonra, – günorta nahar edirdilər, – Mitya evdən çıxaraq aram-aram bağa getdi. Bağda tez-tez qızlar işləyirdilər, alma ağaclarının dibini belləyirdilər, onlar bu gün də işləyirdilər. Mitya qızların yanında əyləşib onlarla gap eləmək istəyirdi, – bu artıq vərdiş şəkli alırdı.

İsti, sakit bir gün idi. Mitya iki tərəfi açıq xiyabanın kölgə tərəfi ilə gedir, öz ətrafındakı qar kimi ağ, bəzəkli budaqları uzaqdan görürdü. Armud ağaclarının rəngi daha qəliz, daha tünd idi, ona görə də bu ağlıqla səmanın parlaq maviliyinin qatışığı bənövşəyi çalar əmələ gətirirdi. Armud ağacları da, alma ağacları da çiçəklənir və çiçəkləri tökülürdü, onların altında qazılıb çevrilmiş torpağa bütünlüklə solmuş çiçək yarpaqları səpələnmişdi. İsti havada onların xoş zərif qoxusu ilə birlikdə, qızıb buğlanan peyinin qoxusu duyulurdu. Bəzən kiçik bir bulud peyda olurdu, göy səma maviləşirdi, isti hava da, çürüntü qoxuları da daha zərif və xoş təsir bağışlayırdı. Bu bahar cənnətinin bütün ətirli istisinə qar kimi ağ çiçəklərə qonan bal arıları ilə eşşəkarılarının vızıltısı qarışmışdı, havaya qəribə bir uğultu yayılırdı. Həm fərəhlənən, həm də darıxan gah bu, gah da başqa bir bülbül hərdənbir ara vermədən səslənirdi.

Uzaqda, xırmana açılan darvazanın yanında xiyaban qurtarırdı. Sol tərəfdə, lap uzaqda bağ bəndinin küncündə küknarlıq qaralırdı. Küknarlığın yanındakı alma ağaclarının arasında iki qız görünürdü. Mitya həmişəki kimi, xiyabanın ortasına çatanda onlara tərəf döndü, – əyildi, zərifliklə üzünə toxunan və həm bal, həm də sanki limon qoxusu verən alçaq qol-budaqların arası ilə getdi. Həmişə olduğu kimi, qızlardan biri – arıq, kürən Sonka onu görəndə şaqqanaq çəkib qışqırdı.

Yalandan özünü qorxmuş göstərərək ucadan:

− Vay, ağa gəlir! − dedi, oturub dincəldiyi yoğun armud budağından yerə atılıb belə sarı cumdu.

O biri qız, Qlaşka, əksinə, özünü elə göstərirdi ki, guya Mityanı heç görmür, özü də tələsmədən, içinə ağ çiçək yarpaqları dolmuş, qara keçədən yumşaq çarıq geydiyi ayağını belə möhkəm qoyub səylə torpağa basdı, çıxardığı torpaq parçasını çevirə-çevirə gur və xoş səslə oxumağa başladı: “Sən, ey bağ, ey mənim bağım, bəs kimin üçün çiçəklənirsən sən?!” Bu, boylu-buxunlu, mərd və həmişə ciddi bir qız idi.

Mitya yanaşıb Sonkanın yerində – armud budağının üstündə əyləşdi. Sonka ona coşqun nəzərlə baxıb süni tərzdə gülərüzlə soruşdu:

− Elə indicə oyanıbsınız? Ehtiyatlı olun, yatıb yuxuya qalarsınız, işi bada verərsiniz!

Mitya onun xoşuna gəlirdi, ona görə Sonka bunu hər vasitə ilə gizlətməyə çalışırdı, lakin bacarmırdı, onun yanında özünü itirirdi, ağlına nə gəldi deyirdi, amma həmişə də nəyəsə işarə edirdi, dumanlı şəkildə başa düşürdü ki, Mityanın daim dalğın halda gəlib-getməsi səbəbsiz deyil. Şübhələnirdi ki, Mitya Paraşa ilə yaşayır, yaxud da, hər halda, buna nail olmağa çalışır. Sonka qısqanır və Mitya ilə gah mehribanlıqla, gah da sərt danışırdı, öz hislərini anlatmağa səy edərək ona gah süzgün-süzgün, gah da laqeyd və ədavətlə baxırdı. Bütün bunlar Mityaya qəribə bir zövq verirdi. Məktub gəlmirdi ki, gəlmirdi, o, indi yaşamır, ancaq gündən-günə daim intizarla güzəran keçirirdi, bu intizar, öz sevgisinin sirrini və əzablarını bir adamla bölüşdürüb dərdləşməyin, Katya haqqında, Krıma bəslədiyi ümidləri haqqında danışmaq imkanının olmaması onu getdikcə daha çox usandırırdı; ona görə də onun hansı sevgisi barədə isə Sonkanın işarələri ürəyinə yatırdı: axı bu söhbətlər, hər halda, onun qəlbini iztiraba düçar edən ən əziz duyğuya, hislərə toxunurdu. Sonkanın ona vurulması da Mityanı həyəcanlandırırdı, deməli ki, qismən ona yaxın idi, qızı onun qəlbinin sevgi macərasının gizli iştirakçısı edirdi, hətta bəzən qəribə bir ümid verirdi ki, Sonkanın simasında ya öz hislərinin sirdaşını tapa bilər, yaxud da Sonka müəyyən dərəcə Katyanı əvəz edə bilər.

İndi Sonka özü də şübhələnmədən yenə onun sirrinə toxunmuşdu: “Ehtiyatlı olun, yatıb yuxuya qalarsınız, işi bada verərsiniz!” Mitya ətrafa nəzər saldı. Onun qarşısındakı küknarlıq başdan-başa tünd-yaşıl rəngdə idi, gün işığında az qala qara görünürdü, səma da onun zirvələrində xüsusilə gözəl lacivərd rəngə boyanmışdı. Cökə, ağcaqayın ağaclarının, qarağacın tər yarpaqları hər tərəfə yayılan gün işığına qərq olmuşdu; bu yaşıllıq bütün bağda ürəkaçan, qəşəng bir talvar əmələ gətirmişdi; otlara, cığırlara, talalara əlvan kölgəliklər və parlaq ləkələr yaymışdı; bu talvar altında ağaran isti və ətirli rəng elə bil çini idi; günəşin onu da yarıb keçdiyi yerdə parlayır, işıq saçırdı. Mitya qeyri-iradi gülümsəyib Sonkadan soruşdu:

− Mən hansı işi bada verə bilərəm? Bədbəxtlik də elə orasındadır ki, mənim heç bir işim yoxdur.

Ona şən və qaba cavab verən Sonka qışqıra-qışqıra:

− Heç olmasa, danışmayın, and içməyin, onsuz da inanaram! − dedi. Mityanın sevgi əhvalatı olmamasına Sonkanın yenə inanmaması ona ləzzət verirdi; qız birdən yenə bağıraraq sarı rəngli qaşqa dananı yanından qovmağa çalışdı; dana küknarlıqdan astaca çıxıb daldan Sonkaya yanaşmış və onun çit donunun büzməsini çeynəməyə başlamışdı.

− Ay səni zəhrimara qalasan! Bu da Allahın bizə göndərdiyi oğul!

Nə demək lazım olduğunu bilməyən, amma söhbəti davam etdirmək istəyən Mitya dedi:

− Doğrudurmu ki, sənə elçi göndəriblərmiş? Deyirlər, oğlan gözəldir, varlıdır, amma sən istəməyibsən, atanın sözünə baxmırsan…

Bu sözdən bir az xoşlanan Sonka cəsarətlə cavab verdi:

− Varlıdır, amma sarsaqdır, başı tez dumanlanır. Bəlkə, mənim ayrı gözaltım var…

İşinə ara verməyən ciddi və dinməz Qlaşka başını buladı, yavaşdan dedi:

− Yamanca çərənləyirsən, ay qız, dağdan-dərədən dəm vurursan! Sən burada ağlına gələn yalanı danışırsan, amma kəndə söz yayılır.

Sonka qışqırdı:

− Kəs səsini, qaqqıldama! − dedi. − Bəlkə, mən qarğa deyiləm, darğayam!

Mitya soruşdu:

− Bəs sənin başqa gözaltın, fikrindən keçən kimdir?

Sonka dedi:

− Gözləyin ki, gözaltımı sizə deyəcəyəm! Odur ey, sizin çoban babanıza vurulmuşam. Onu görəndə bütün bədənim od tutub yanır! − O, yəqin, iyirmiyaşlı Paraşaya işarə edərək – Paraşanı kənddə artıq qarımış qız hesab edirdilər – öcəşkənliklə dedi: − Mən daim qoca atları sizinkindən pis sürmürəm. − Sonra da beli qəflətən atıb sanki ağazadəyə gizlincə vurulduğu üçün müəyyən dərəcə ixtiyarı olduğuna görə cəsarətlə yerdə oturdu. Köhnə, qısaboğaz qaba çəkmələr və ala yun corablar geydiyi ayaqlarını uzadaraq azca aralayıb əllərini aciz halda yanına saldı.

Sonka gülə-gülə qışqırdı:

− Of, heç nə eləməmişəm, amma yorulmuşam! Çəkmələrim yırtıqdır, − deyib çox uca səslə oxumağa başladı:

Çəkmələrim yamaqlı,
Corablarım yağlıdı.

Sonra yenə gülərək qışqırdı:

− Gedək mənimlə daxmaya dincələk, mən hər şeyə razıyam!

Bu gülüş Mityaya sirayət etdi. O çəkinə-çəkinə gülümsəyərək budaqdan yerə atıldı, Sonkaya yanaşaraq uzanıb başını onun dizləri üstünə qoydu. Sonka onun başını itələdi, Mitya yenə qoydu; o, son günlər xeyli oxuduğu şeirləri yenə xatırladı:

Qızılgül, sevgi gülü
Geyib qızıl donunu,
Səhər şehinə batıb,
Dürlü sevgi aləmi,
Sirli sevgi aləmi
Qarşımda ocaq çatıb.

Mityanın başını qaldırıb kənara çəkmək istəyən Sonka artıq səmimi olaraq qorxub qışqırdı:

− Mənə toxunmayın! Yoxsa elə qışqıraram ki, meşənin bütün canavarları ulamağa başlayar! Məndə sizin üçün heç nə yoxdur, alışdısa da, söndü.

Mitya gözlərini yumub dinmirdi. Yarpaqların, budaqların və armud ağacı çiçəklərinin arasından keçən günəş şüaları onun sifətində qızğın ləkələr əmələ gətirir, üzünü qıcıqlandırırdı. Sonka onun qara cod saçlarını mehribanlıqla və acıqlı-acıqlı pırtlaşdırıb: “Lap at saçıdır!” – deyə qışqıraraq papağı ilə Mityanın gözlərini örtdü. Mitya peysərinin altında Sonkanın qıçlarını hiss edirdi, – dünyada ən dəhşətli olan qadın qıçlarını! – Peysəri ilə onun qarnına toxunurdu, qızın çit yubkası ilə donunun qoxusunu duyurdu, bütün bunlar çiçəklənən bağla və Katya ilə qarışırdı; uzaqlarda və yaxında bülbüllərin cəh-cəhi, saysız-hesabsız arıların ara vermədən mürgülü xoş vızıltısı, ürəkaçan isti hava və hətta kürəyinin altında torpağı sadəcə olaraq duymaq ona əzab verir, nəsə fövqəlbəşəri bir səadət arzusu yaratmaqla qəlbini sızıldadırdı. Birdən küknarlıqda nəsə xışıldadı, kim isə şaqraq və kinli-kinli qəhqəhə çəkdi, sonra da boğuq səs eşidildi: “Ku-ku! Ku-ku”; – həm də bu elə dəhşətli, elə qabarıq, elə yaxında və o qədər aydın idi ki, nə olur-olsun, bu fövqəlbəşəri səadətin təxirsiz olaraq Katya tərəfindən təmin edilməsi arzu və tələbi Mityanın bütün varlığına elə hakim kəsildi ki, o, coşqunluqla dik qalxıb iri addımlarla uzaqlaşdı, onun bu hərəkəti Sonkanı heyrətə saldı.

Küknarlıqda onun lap başı üzərində qəflətən bu dərəcədə dəhşətli aydınlıqla eşidilən və sanki bütün bu bahar aləminin sinəsini yarmış olan bu boğuq səsin sədaları altında coşqun səadət arzulayarkən birdən dərk etdi ki, məktub gəlməyəcək və gələ də bilməz, yəqin, Moskvada nəsə baş verib, yaxud da indilərdə baş verəcəkdir, o məhv olmuşdur, işi bitmişdir!


XV

Evdə Mitya zaldakı aynanın qabağında bir dəqiqə dayandı. “Qız haqlıdır, − deyə düşündü, − mənim gözlərim Bizans gözü olmasa da, amma hər halda, çılğın gözlərdir. Bəs bu arıqlıq, qaba və irisümüklü yöndəmsizlik, kömür kimi qaşlarımın kədərlə çatılması, qara saçlarımın codluğu, doğrudan da, Sonka deyən kimi, az qala at tüküdür?”

Lakin arxasında yeyin-yeyin addımlayan yalın ayaq tappıltısı eşitdi. Utanaraq dönüb geri baxdı.

Eyvana əlində qaynar samovar aparan Paraşa onun yanından iti addımlarla keçəndə mehribancasına zarafatla dedi:

− Elə hey aynaya baxırsınız, yəqin, vurulubsunuz.

Paraşa samovarı cəld hərəkətlə qaldırıb çay içmək üçün yığışdırılmış masanın üstünə qoyaraq:

− Sizi ananız axtarırdı, − deyə əlavə etdi, sonra da dönüb cəld və iti nəzərlə Mityaya baxdı.

Mitya “hamı bilir, hamı şübhələnir!” − deyə düşünərək özünü zorlayıb soruşdu:

− Bəs anam haradadır?

− Öz otağındadır.

Evin yanından ötərək artıq səmanın qərb tərəfinə keçən günəş öz iynəyarpaqlı budaqları ilə eyvana kölgə salan şamağacları ilə ağ şamların diblərinə parlaq işıq saçırdı. Onların altındakı gərməşov kolları da lap yaysayağı şüşə kimi parıldayırdı. Masanın üstünə salınmış ağappaq süfrəyə zəif kölgə, bəzi yerlərinə isə hərarətli işıq ləkələri düşmüşdü. Zənbilə qoyulmuş ağ çörəyin, içində mürəbbə olan tilli vazanın və fincanların üzərində arılar vızıldaşırdı. Bütün bu mənzərə gözəl kənd yayını nümayiş etdirir və necə də xoşbəxt, qayğısız yaşamaq mümkün olduğunu göstərirdi. Onun vəziyyətini, əlbəttə ki, başqalarından az başa düşməyən anasını qabaqlamaq və qəlbində qətiyyən heç bir ağır sirr olmadığını göstərmək üçün Mitya zaldan dəhlizə getdi; onun öz otağının, anasının otağının və Anya ilə Kostyanın yayda yaşadıqları iki başqa otağın qapıları dəhlizə açılırdı. Dəhliz qaranlıq idi, Olqa Petrovnanın otağı göyümtül idi. Bütün otağa evdə mövcud olan qədim mebel – şifonerlər, komodlar, böyük çarpayı ilə ikona üçün şüşəli dolab ağzına qədər sıx və səliqə ilə doldurulmuşdu. Olqa Petrovna heç vaxt bir o qədər dindarlıq göstərməsə də, ikona dolabının qarşısında, adətən, şamdan yanırdı. Açıq pəncərələrin qabağında, baş xiyabanın girəcəyi qarşısında baxımsız qalmış çiçəkliyə kölgə düşürdü, kölgəlikdən o tərəfdə nura qərq olmuş bağ təmtəraqla yaşıl və ağ rəngə boyanırdı. Cüssəli və arıq, qara və ciddi qadın olan qırxyaşlı Olqa Petrovna çoxdan öyrəncəli olduğu bütün bu mənzərəyə fikir vermədən pəncərənin yanındakı kresloda əyləşmişdi; çeşmək taxdığı gözlərini aşağı dikib toxumasına baxır, milləri iti işlədirdi.

Mitya otağa girib qapının ağzında dayanaraq dedi:

− Sən məni soruşmuşdun, ana?

Olqa Petrovna işini dayandırmadan, nəsə xüsusi bir sakitliklə cavab verdi:

− Əşi, yox, mən eləcə səni görmək istəyirdim. Axı mən indi səni nahar vaxtından başqa, demək olar, heç vaxt görmürəm.

Martın doqquzunda Katyanın dediyi sözlər Mityanın yadına düşdü. Onda Katya demişdi ki, nədənsə onun anasından qorxur; Katyanın sözlərində, şübhəsiz, mövcud olan mübhəm füsunkar mənanı xatırladı… Mitya çəkinə-çəkinə burnunun altında dedi:

− Bəlkə, sən mənə bir şey demək istəyirdin?

Olqa Petrovna dedi:

− Heç nə, təkcə onu demək istəyirdim ki, mənə belə gəlir, son günlər sən nəsə qüssələnməyə başlayıbsan. Bəlkə, bir yerə səfər edəydin… Məsələn, Meşşerskilərgilə… Evləri ərgən qızlarla doludur, − Olqa Petrovna gülümsəyərək əlavə etdi, − bir də, ümumiyyətlə, mənə qalırsa, çox mehriban və səmimi ailədir.

Mitya çətinliklə cavab verərək:

− Bu günlərdə birtəhər fürsət tapıb məmnuniyyətlə gedərəm. Lakin gedək çay içməyə, ora, eyvan çox yaxşıdır… Elə oradaca söhbət edərik, − dedi, lakin Mitya çox gözəl bilirdi ki, fərasətli, dərrakəli, təbiətən olduqca təmkinli anası bu səmərəsiz söhbətə bir daha qayıtmayacaqdır.

Eyvanda onlar, demək olar, gün batanadək oturdular. Anası çaydan sonra toxumanı davam etdirərək qonşular haqqında, təsərrüfat haqqında, Anya ilə Kostya barədə danışırdı, – avqust ayında Anyanın yenə təkrar imtahanı olmalıdır! Mitya qulaq asır, bəzən cavab verirdisə də, lakin Moskvadan yola düşməmişdən qabaq daim nə hiss edirdisə, indi də nəsə ona bənzər bir şey hiss edirdi, – elə bil ki o, yenə hansı ağır xəstəlikdənsə məst olmuşdu.

Axşam isə Mitya iki saat ara vermədən evdə dala-qabağa var-gəl edir, zaldan, qonaq otağından, istirahət otağından və kitabxanadan keçib onun bağa tərəf açıq olan cənub pəncərəsinə qədər addımlayırdı. Şamağaclarının və ağ şamların budaqları arasından zalın və qonaq otağının pəncərələrinə qürubun mülayim qırmızı şəfəqi yayılırdı, nökər otağının yanında şam yeməyə toplaşan işçilərin səsləri və gülüşləri eşidilirdi. Otaqların arasına, kitabxananın pəncərələrinə üzərində hərəkətsiz çəhrayı ulduz dayanan axşam səmasının mülayim sönük maviliyi çökürdü; ağcaqayının yaşıl zirvəsi ilə bağda çiçəklənən nə var idisə hamısının qar kimi ağ rəngi bu mavilikdə gözəl bir mənzərə yaradırdı. O isə addımladıqca addımlayır, var-gəl edir, evdə onun bu hərəkətini nə cür izah edəcəkləri barədə qətiyyən fikirləşmirdi də. Dişlərini elə qıcamışdı ki, zərbindən başı ağrıyırdı.


XVI

Bu gündən etibarən Mitya başlamaqda olan yay fəslinin onun ətrafında yaratdığı dəyişiklikləri daha müşahidə etmirdi. Bunları, həmin dəyişiklikləri o görür, hətta hiss edirdi, lakin onlar Mityanın nəzərində öz müstəqil əhəmiyyətini itirmişdi. Mitya onlardan ancaq ləzzət alırdı. Lakin iztirab çəkə-çəkə nə qədər yaxınlaşırdısa, ona bir o qədər artıq əzab verirdi. Katya artıq həqiqi bir xəyala çevrilmişdi; Katya artıq hər şeydə, hər məsələdə mənasız dərəcədə təcəssüm etməyə başlamışdı. Katyanın onun üçün, Mitya üçün artıq mövcud olmadığını, onun artıq kiminsə, başqa yad bir adamın hakimiyyəti altında olmasını, özünü və bütünlüklə ona, Mityaya mənsub edilməli olan məhəbbətini kiməsə, başqa bir adama verdiyini hər bir yeni gün daha şiddətlə, daha dəhşətlə sübut etdiyi üçün dünyada hər şey ona lüzumsuz, iztirablı görünürdü.

Gecələr o, demək olar, yatmırdı. Bu aylı gecələrin gözəlliyi misilsiz idi. Süd kimi ağaran bağ dərin sükuta qərq olmuşdu. Nəğmələrin şirinlik və zərifliyinə, onların saflığına, dəqiqliyinə, ahəngdarlığına görə bir-biri ilə yarışan gecə bülbülləri nəşədən halsızlaşaraq ehtiyatla oxuyurdular. Sakit, zərif, tamam solğun ay isə bağın üzərində alçaqda dayanmışdı, həm də mavimtraq buludların xəfif, misilsiz füsunkar titrəyişi onu daim müşayiət edirdi. Mityanın yatdığı otaqda pəncərələrə pərdə salınmamışdı, bağ da, ay da bütün gecə pəncərələrdən görünürdü. Hər dəfə gözünü açaraq aya tamaşa edəndə elə o saat, divanə kimi, fikrən: “Katya!” – deyə səslənirdi. Həm də bu adı elə vəcdlə, elə bir iztirabla çəkirdi ki, özü də dəhşətli heyrətə gəlirdi. Doğrudan da, ay ona Katyanı nəylə xatırlada bilərdi, amma ki xatırlatdı, nəyləsə xatırlatdı, hər şeydən təəccüblüsü isə bu idi ki, nəsə əyani surətdə xatırlatmışdı! Bəzən isə o, sadəcə, heç nə görmürdü: Katyanı arzulaması, Moskvada aralarında baş verən əhvalat onun varlığına elə qüvvətlə hakim kəsilirdi ki, bütün bədəni qızdırmalı kimi tir-tir əsir, özü də Allaha yalvarırdı ki, – heyhat, həmişə də əbəs yerə! – Katyanı özü ilə yanaşı, bax bu yataqda, heç olmasa, yuxuda görsün. Bir dəfə qışda Mitya Katya ilə birlikdə Sobinovla Şalyapinin iştirak etdikləri “Faust”a tamaşa etmək üçün Böyük Teatra getmişdi. Həmin axşam hər şey ayaqlarının altında açılmışdı: adam çox olduğu üçün artıq bürkülü və ətir saçan işıqlı dərin uçurum da, geyinib-kecinmiş, bəzək-düzəkli adamlarla dolu olan lojaların qırmızı məxmərli, zərli mərtəbələri də, bu uçurum üzərindəki nəhəng çilçırağın mirvari kimi parıltısı da, uzaqda, aşağıda, kapelmeysterin yellənən qolları altında süzülən uvertüranın gah dəhşətlə gurlayan, gah da son dərəcə zərif və kədərli sədaları da: “biri var idi, biri yox idi, Fulada rəhmdil bir kral var idi…” – nə üçünsə ona valehedici görünürdü. Bu tamaşadan sonra Mitya aylı gecənin bərk şaxtasında Katyanı Kislovkaya ötürərək Katyagildə xüsusilə çox qaldı, öpüşlərdən xüsusilə yorulmuş, məst olmuşdu. Katyanın gecələr hörüyünə bağladığı ipək lentini özü ilə apardı. İndi, həmin iztirablı may gecələrində Mitya elə bir vəziyyətə düşmüşdü ki, öz yazı masasının siyirməsində saxladığı bu lent haqqında da sarsılmadan düşünə bilmirdi.

Gündüz isə yatırdı, sonra da atlanıb dəmiryol stansiyası ilə poçt olan kəndə yollanırdı. Havalar xoş keçirdi. Yağışlar yağır, tufanlar baş verir və leysan olurdusa da, sonra yenə də bağlarda, zəmilərdə və meşələrdə öz təcili işini fasiləsiz surətdə icra edən qızmar günəş parlayırdı. Bağda ağacların çiçəkləri soluxub tökülürdüsə də, yaşıllıq olduqca sıxlaşır və qalınlaşırdı. Meşələri artıq saysız-hesabsız çiçəklər, hündür ot bürüyürdü; meşənin yaşıl don geymiş dərinliklərində bülbüllərlə ququ quşları ara vermədən oxuyurdu. Tarlalar daha çılpaq deyildi – onları taxılların müxtəlif zəngin cücərtiləri örtmüşdü. Mitya bütün gün vaxtını bu meşələrdə və tarlalarda keçirirdi.

Hər səhər eyvanda, yaxud da həyətin ortasında bikar dayanıb kovxanın, ya da işçinin poçtdan qayıtmasını əbəs yerə gözləməkdən həddən artıq xəcalət çəkməyə başlamışdı. Bir də ki kovxanın və işçinin boş şey üçün səkkiz verst yol getməyə həmişə vaxtı olmurdu. Ona görə də poçta özü getməyə başlamışdı. Lakin o özü də daim evə Orlovda nəşr edilən bir qəzet nömrəsi, yaxud da Anyadan, Kostyadan gələn məktubla qayıdırdı. Onun iztirabları artıq son həddə çatmağa başlamışdı. Yollandığı tarlalarda meşələrin gözəlliyi, səadət bəxş edən mənzərəsi onu elə sarsıdırdı ki, sinəsinin harasındasa hətta cismani ağrı duymağa başlamışdı.

Bir dəfə ikindiçağı, poçtdan qayıdanda qonşunun köhnə parkdakı boş malikanəsindən keçirdi; park onu əhatə edən tozağacı meşəsi ilə birləşirdi. Mujiklər bu malikanənin əsas xiyabanına bayram prospekti deyirdilər. Mitya həmin xiyabanla gedirdi. Xiyaban iki cərgə nəhəng qara küknarlardan əmələ gəlmişdi. Başdan-başa qalın, sarı, sürüşkən iynəyarpaqla örtülmüş olan çox gözəl, qaranlıq enli xiyaban onun koridorunun lap qurtaracağındakı köhnə evə qədər uzanırdı. Sol tərəfdə parkın və meşənin arxasına enən günəşin qırmızı, quru və sakit şüaları bu koridorun alt tərəfinə gövdələrin arasından çəpəki işıq saçır, onun qızılaçalan iynəyarpaq döşənəyinə parlaq ziya səpələyirdi. Həm də ətrafda valehedici dərin sükut hökm sürürdü, – parkın bir başından o biri başınadək yalnız bülbüllər cəh-cəh vururdu, – hər tərəfdən evi dövrələyən küknar və jasmin kollarının qoxusu yayılmışdı, həm də Mitya bütün bunlarda kiminsə elə böyük, çoxdankı yad səadətini hiss etdi, qəflətən, çox böyük, köhnəlmiş eyvanda, jasmin kollarının arasında Katyanı öz gənc arvadı surətində elə dəhşətli, aydın şəkildə təsəvvürünə gətirdi ki, bütün sifətinin kağız kimi ağarmasını özü də duyaraq qətiyyətlə, bütün xiyabanı ağzına alan uca səslə dedi:

− Bir həftədən sonra məktub gəlməsə, özümü güllə ilə vuracağam!


XVII

Ertəsi gün yuxudan çox gec oyandı. Nahardan sonra eyvanda oturmuşdu, dizlərinin üstündə kitab var idi, səhifələrə baxa-baxa, aciz halda fikirləşirdi: “Poçta yollanım, yoxsa yox?”

Qızmar gün idi, ağ kəpənəklər isti otların üzərində, şüşə kimi parlayan gərməşov üzərində bir-birinin arxasınca cüt-cüt uçurdu. Mitya kəpənəkləri müşahidə edə-edə yenə öz-özündən soruşurdu:

− Yollanım, yoxsa bu biabırçı səfərlərin arasını birdəfəlik kəsim?

Dağın ətəyi ilə atlı kovxa darvazanın ağzında göründü. Ayğır belində əyləşən kovxa eyvana baxıb atı düz oraya sürdü. Yaxınlaşaraq atın başını çəkib dedi:

− Sabahınız xeyir! Hey kitab oxuyursunuz?

Gülümsəyib ətrafına nəzər saldı. Yavaşdan soruşdu:

− Ananız yatır?

Mitya cavab verdi:

− Mən bilən, yatır. Necə məgər?

Kovxa bir az susub birdən ciddiləşərək dedi:

− Nə demək olar, ağazadə, kitab yaxşı şeydir, amma hər şeyin vaxtını bilmək lazımdır. Siz niyə rahib kimi yaşayırsınız? Məgər arvad, qızlar azdırmı?





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/ivan-bunin/hekay-l-r-68289310/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


“Domostroy” – XVI əsrə aid rus yazılı abidəsinin adı




2


“Azra” – P.İ.Çaykovskinin H.Heynenin “Azra” şeirinə yazdığı romans




3


Blaqoveşşeniye – xristian bayramlarından biri



İvan Buninin bu kitabda toplanan yığcam, koloritli hekayələri kənd həyatından, nakam məhəbbətdən, azadfikirli insanların xeyirxah əməyindən bəhs edir.

Как скачать книгу - "Hekayələr" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Hekayələr" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Hekayələr", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Hekayələr»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Hekayələr" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги серии

Книги автора

Аудиокниги автора

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *