Книга - Hekayələr

a
A

Hekayələr
Frans Kafka


Hekayə ustaları
Frans Kafkanın bu kitaba daxil edilən novella və hekayələrində ümumbəşəri problemlər – şəxsiyyət və mühit, ata və oğul, doğmalıq və yadlıq, eləcə də bunların bir-birinə hökmranlığı öz əksini tapıb.





Frans Kafka

Seçmə hekayələr





ÇEVRİLMƏ



I

Bir səhər gecənin narahat yuxusundan ayılan Qreqor Zamza elə yatağındaca əcaib bir həşərata çevrildiyini hiss etdi. Bağa çanağı kimi qartımış kürəyi üstə uzanıqlı halda başını ehmalca dikəldən kimi yarısı sürüşüb yerə düşən yorğanın qırağından qəhvəyi, qabarıq pulcuqlarla örtülmüş qarnını, başqa əzalarından xeyli cılız olan və qaynaşan saysız-hesabsız xırda ayaqlarını gördü.

“Görəsən, mənə nə olub?” – o düşündü. Bu, yuxu deyildi. Xeyli kiçilmiş olsa da, öz otağı idi, yaxşı tanış olan dörd divar arasındakı həmişəki otağı. Zamza ticarət agenti işləyirdi, kommivoyajer[1 - Kommivoyajer (fr. commis voyageur) – səyyar satıcı; hər hansı bir firmanın ticarət təmsilçisi; şəhərləri, evləri dolaşıb kataloq üzrə satış həyata keçirir.] idi. Bu səbəbdən üstünə növ-növ mahud parça nümunələri yığılan masanın üzərindən portret asılmışdı. Zamza onu bu yaxınlarda şəkilli bir jurnaldan kəsib qızılı çərçivəyə salmışdı. Şəkildə xəz şlyapalı, xəz yaxalıqlı qadın təsvir olunmuşdu. O, şəstlə oturmuş halda, əlləri içində itib-batan ağır, xəz muftanı[2 - Mufta – qadınların əllərini keçirdikləri xəz] irəli, tamaşaçıya tərəf uzatmışdı.

Sonra Qreqorun nəzərləri pəncərəyə dikildi, – yağış damcılarının çöl tərəfdən məhəccərin dəmirlərini necə döyəclədiyi eşidilirdi, – havanın belə tutqun olması ovqatını tamam korladı. Fikirləşdi ki, bir az da yatıb bu həngaməni unutmaq heç də pis olmazdı. Amma bu əsla mümkün olan iş deyildi. O, sağ böyrü üstə yatmağa adətkardı, indiki halında isə həmin vəziyyətə qayıtması çox müşkül məsələ idi. Sağ böyrü üstə çevrilməyə ha çalışdısa da, bundan bir şey çıxmadı, yenə qayıdıb kürəyinin üstünə düşdü. Bir-birinə dolaşan miskin ayaqcıqlarını görməsin deyə gözlərini yumdu, bir xeyli əlləşib-vuruşdu və yalnız böyründə küt ağrı hiss edəndə fikrindən daşındı. Düşündü: “Pərvərdigara, mən özümə nə cəncəl sənət seçmişəm! Həmişə yollarda, həmişə səfərlərdəyəm, çöldə isə iş-gücün baş ağrıları ticarət evindəkindən qat-qat artıq olur, hələ üstəlik də, gərək yolun hər cür əziyyətinə dözəsən, qatarların hərəkət cədvəlini əzbərləyəsən, vaxtı-vədəsi bilinməyən dadsız yeməklərə qane olasan, cürbəcür təzə adamlarla ayaqüstü, başdansovdu ülfət bağlayıb qeyri-səmimi münasibətlər qurasan. Cəhənnəm olsun hər şey!”

Qarnının yuxarı hissəsində nəsə yüngül qaşınma hiss etdi; başını rahat qaldırmaq üçün kürəyi üstə çətinliklə də olsa çarpayının baş tərəfindəki dəmir çubuqlara doğru sürünüb qaşınan yeri tapdı. Həmin yer xırda ağ ləkələrlə örtülmüşdü, sısqa qıçların biriylə o yeri yoxlamaq istəyib tez də onu geri çəkdi, çünki adi bir toxunuş bədəninə vicvicə salırdı.

Sürüşüb əvvəlki vəziyyətinə qayıtdı. “Yuxudan tez durmaq, həqiqətən, adamı gic eləyər, − deyə öz-özünə düşündü, − gərək doyunca yatıb yuxunu alasan. Başqa kommivoyajerlər kefləri istəyən kimi yaşayırlar. Mən sifarişlərin üzünü köçürmək üçün günorta hotelə qayıdanda bu cənablar hələ səhər yeməyini yeyirlər. Əgər mən də özümü onlar kimi aparsaydım, sahibkar məni əlüstü işdən qovardı. Amma bəlkə də, bu mənim xeyrimə olardı. Valideynlərimin xətrinə səbrimi basıb dözməsəydim, işdən çıxmaq istəyimi çoxdan bəyan edər, lap yaxınlaşıb haqqında nələr düşündüyümü sahibkarın düz gözünün içinə söyləyərdim. Onda baxardım ki, bunu eşidəndə kontordan təpəsi üstə necə yerə aşır! Sən bir onun ədasına bax, kontorun qırağında oturub xidmətçilərlə elə oradanca danışır – üstdən-aşağı, bu azmış kimi, gərək ona lap yaxın durasan ki, bəs qulağı ağır eşidir. Amma hələ ümid var, valideynlərimin borcunu ödəmək üçün bir az pul toplayan kimi elə belə də edəcəyəm. Bu məsələ beş-altı ilə başa gəlsə də, eybi yoxdur, onda biz biryolluq vidalaşarıq. İndi isə gərək qalxam, saat beşdə qatarım yola düşür”.

Sandığın üstündə çıqqıldayan zəngli saata nəzər salanda gözlərinə inanmadı: “Pərvərdigara!” – yeddinin yarısı idi, aramla irəli sürünən əqrəblər hətta yeddinin yarısını da keçmişdi, bir azdan yeddiyə on beş dəqiqə qalacaqdı. Yəni, doğrudanmı, saatın zəngi çalmayıb?

Amma elə yataqda uzandığı yerdən də baxanda aşkar görünürdü ki, zəng əqrəbi düz yerində – dördün üstündədir; heç şübhəsiz, zəng çalmışdı. Bəs səslənəndə evin bütün mebelini titrədən zəngin çığırtısı altında o necə rahat yata bilib? Əlbəttə ki, rahat yatmamışdı, amma görünür, bərk yatmışdı.

Bəs indi nə etməli? Növbəti qatar saat yeddidə çıxırdı – ona çatmaqdan ötrü mütləq tələsmək lazımdır; amma parça nümunələri, tərs kimi, hələ qablaşdırılmamışdı, heç halı da babat deyildi – qalxmağa çətinlik çəkir, başı bədəninə ağırlıq edirdi. Lap növbəti qatara çatsaydı belə, fərqi yoxdu, onsuz da sahibkarın danlağından yaxa qurtara bilməyəcəkdi – ticarət şirkətinin kuryeri saat beşdə yola düşən qatarın yanında keşik çəkirdi, sahibkarın əlaltısı olan bu çuğul, bu yelbeyin məxluq Qreqorun gecikməsini lap yəqin ki, çoxdan yerinə çatdırmışdı.

Bəs görəsən, özünü naxoşluğa vursa necə? Amma bu, şit çıxardı, həm də inandırıcı görünməzdi, ona görə ki işlədiyi beş il ərzində Qreqor bir dəfə də olsun xəstələnməmişdi. Heç şübhəsiz ki, belədə sahibkar həkimi dartıb evə gətirər, yalnız onun rəyini əsas götürüb ayrı heç bir etirazı hesaba almadan belə tənbəl oğula görə ata-anasını qınaya bilərdi. O həkimin də fikrincə, ümumiyyətlə, yer üzündəki bütün adamlar sapsağlamdılar, sadəcə, işləməyi xoşlamırlar. Fikirləşdi ki, bəyəm indiki vəziyyətdə həkim onun barəsində haqlı olmazdımı? Uzunsürən yuxudan sonra, həqiqətən, qəribə görünən bu süstlük nəzərə alınmazsa, əslində, Qreqor özünü çox gümrah hiss edirdi, hətta möhkəmcə acmışdı da.

Yataqdan çıxmağa heç cür ürək eləməyən Qreqor bütün bunları beynində götür-qoy edərkən zəngli saat yeddiyə on beş dəqiqə qaldığını xəbər etdi. Bu vaxt yuxarı tərəfdəki qapı ehmalca döyüldü.

– Qreqor! – qulağına səs gəldi (anasının səsi idi), – yeddiyə on beş dəqiqə qalıb. Bəs sən yola çıxmayacaqdın?

Bu səs necə də şəfqətli idi! Di gəl ki, anasına hay verərkən Qreqor öz səsindən diksindi, bu səs əvvəlki səsi olsa da, ona nəsə gizli, eyni zamanda qeyri-təbii bir civilti qarışmışdı. İlk anda aydın tələffüz edilən sözlər sonra bu civiltinin içində elə itib-batırdı ki, doğrumu, yanlışmı eşitdiyini heç cür kəsdirə bilməzdin. Qreqor anasına ətraflı cavab verib hər şeyi izah etmək istəyirdi, amma düşdüyü vəziyyəti nəzərə alıb bircə bunu dedi:

– Hə, ana, sağ ol, indicə dururam.

Görünür, taxta qapı səsinin dəyişməsini hiss etdirmədi, çünki bu cavabdan sonra anası xatircəmliklə qapıdan aralanıb getdi. Lakin bu qısa mükalimə ailə üzvlərinin diqqətini başqa məsələyə cəlb etdi: çoxdan getməli olan Qreqor hələ də evdədir. Odur ki atası yan qapını yumruğuyla asta-asta tıqqıldadıb çığırdı:

– Qreqor! Qreqor! Nə olub, nə məsələdir?

Sonra səsini bir qədər yavaşıdıb təzədən çağırdı:

– Qreqor! Qreqor!

O biri yan qapıdan isə bacısının güclə çıxan çox asta və məzlum səsi eşidildi:

– Qreqor! Bəlkə, xəstələnmisən, bəlkə, sənə bir kömək lazımdır?

Hamısına bir ağızdan: “Mən artıq hazıram!” – deyə cavab verən Qreqor sözləri səlis tələffüz etməyə və kəlmələr arasında uzun fasilə verməklə səsindəki hər hansı qeyri-adiliyi gizlətməyə çalışdı. Həqiqətən də, bundan sonra atası arxayınlaşıb səhər yeməyinə qayıtdı, di gəl ki, bacısı əl çəkmək istəmir, pıçıltısı səngimirdi:

– Qreqor, yalvarıram sənə, aç qapını.

Qreqor isə qapını açmaq fikrində deyildi, səfərdə olarkən gecələr qapını arxadan kilidləmək vərdişini evdə də unutmurdu və hazırda bu adətindən çox razı idi.

İstəyirdi əvvəlcə sakit, maneəsiz halda qalxıb geyinsin, ilk növbədə səhər yeməyini yeyib sonra görəcəyi işləri müəyyənləşdirsin. Yəqin etmişdi ki, yataqda ağlına düz-əməlli bir şey batan deyil. Yadına düşdü ki, bəlkə də, yöndəmsiz uzanması ucbatından əmələ gələn hansısa küt ağrını qabaqlar da arabir hiss edib, yataqdan duranda isə, adətən, onun bikara bir şey, sadəcə, təxəyyül oyunu olduğunu görmüşdü, odur ki indi onu bugünkü əqli çaşqınlığın nə cür sovulub gedəcəyi maraqlandırırdı. Səsinin dəyişməsinin isə kommivoyajerlərin peşə xəstəliyi, soyuqdəymənin əlaməti olduğuna zərrəcə şübhə etmirdi.

Heç demə, yorğanı üstündən atmaq çox asan işmiş, qarnını bir az köpürdən kimi özü sürüşüb düşdü. Ancaq bundan sonra işlər pis getdi. Buna ən çox səbəb olan isə gövdəsinin xeyli enlənməsi idi. Qalxmaq üçün onun ələ ehtiyacı vardı, əvəzində isə ara vermədən elə hey qaynaşıb-tərpəşən xırda ayaqları peyda olmuşdu və sayı-hesabı bilinməyən bu sözəbaxmazları idarə etmək heç cür mümkün olmurdu. Əgər Qreqor onlardan hər hansı birini qatlamaq istəyirdisə, ayaq dərhal irəli uzanırdı; həmin ayağı güc-bəla ilə ram etməyə macal tapmamış o birilər azadlığa çıxıbmış kimi təlaş içində çırpınmağa başlayırdı.

“Əsas yataqda boş vaxt itirməməkdir”, – Qreqor özlüyündə qərar verib bədəninin aşağı hissəsini işə salmaqla çarpayıdan enməyə cəhd göstərdi, lakin hələ görmədiyi, təsəvvür belə etmədiyi bu hissənin hərəkət üçün yararsız olduğu aşkara çıxdı.

İş çox ləng gedirdi, nəhayət, o, ağına-bozuna baxmadan özünü hiddətlə irəli atdı, amma düzgün istiqamət götürmədiyindən zərblə çarpayının dəmir çubuqlarına çırpıldı, kəskin ağrıdan belə yəqin etdi ki, bədəninin aşağı hissəsi indi, deyəsən, əzalarından ən həssasıdır. Buna görə yataqdan əvvəlcə bədəninin yuxarı hissəsi ilə çıxmağa çalışdı, başını çarpayının qırağına tərəf ehmalca çevirib istəyinə çox asanlıqla çatdı – nə qədər enli və nataraz olsa da, axır ki, gövdə başın ardınca ağır-ağır sürünəsi oldu. Di gəl ki, başı çarpayının qırağından çölə çıxıb aşağı sallananda bu tərzdə irəliləmək ona qorxunc göründü – çarpayıdan yıxılsa, kəlləsi şil-küt olasıydı, halbuki məhz indi huşu itirmək qəti yaramazdı, buna yol vermək olmazdı. Salamatı elə yataqda qalmaq idi.

Lakin bir belə əziyyətdən sonra təzədən əvvəlki vəziyyətə qayıdıb azacıq nəfəs dərəndə ayaqlarının bir-birinə daha bərk dolaşdığını və bu hərc-mərcliyi heç cür sahmana sala bilmədiyini görüb dübarə qət etdi ki, heç bir halda yataqda qalmaq olmaz və çarpayıdan enmək üçün, lap nəyin bahasına olursa-olsun, riskə getmək lazımdır. Ancaq eyni vaxtda orasını da unutmur və tez-tez yaddaşına təlqin edirdi ki, yersiz haray-həşirdənsə soyuq başla düşünmək daha çox fayda verə bilər. Belədə o, bütün diqqətini toparlayıb pəncərəyə daha zəndlə baxsa da, əfsuslar olsun ki, dar küçəni görünməz edən qatı sübh dumanı adamın ovqatına heç də qətiyyət və gümrahlıq aşılamırdı.

“Artıq yeddidir, – zəngli saatın çığırtısı təzədən eşidilib otağı başına götürəndə o öz-özünə pıçıldadı, – artıq yeddi tamamdır, amma duman hələ çəkilməyib”. Nəfəsini içinə qısaraq bir müddət öz yerində kirimişcə uzanıb qaldı, sanki hər yanı sarmış qatı sükunət onun həqiqi və təbii vəziyyətini özünə qaytaracaqdı.

Ancaq sonra o: “Səkkizə on beş dəqiqə işləmişi vuranacan gərək hökmən yatağı tərk edim, yəqin, o vaxtacan məndən xəbər tutmaq üçün idarədən də gələn olacaq, axı idarə yeddidən qabaq açılır”, – deyib bədənini yırğalayaraq hərəkətə gətirməklə özünü çarpayıdan düşürtməyə çalışdı. İşdir, birdən yıxılsaydı, onda başını havada cəld yuxarı qaldırmaqla, yəqin ki, xata-baladan sovuşa bilərdi. Kürəyi sarıdan tam arxayın idi – kifayət qədər möhkəm kürəyə xalçanın üstünə dəyməkdən heç nə olmazdı. Narahatlığı ən çox ondan idi ki, düşəndə gövdəsi guppultuyla yerə dəyəcəkdi, bu da, hər halda, təlaş doğuracaqdı. Amma başqa çarəsi də yox idi.

Çarpayının qırağından asılıb qaldığı vaxt düşündü ki, – yataqdan enməyin bu yeni üsulu yorucu işdən daha çox, oyuna bənzəyirdi, yalnız dartına-dartına sallanmaq lazım gəlirdi, – hərgah kömək edən olsaydı, bu zülmdən canı qurtarardı. İki qoluzorlu adam – xəyalında atası və qulluqçu canlandı – tamamilə kifayət edərdi; onların vəzifəsi qollarını Qreqorun domba kürəyinin altından salıb onu çarpayıdan götürməkdən, sonra da həmin yüklə bir az aşağı əyilib Qreqor döşəmənin üzərində ehmalca çevrilənə qədər gözləməkdən ibarət olacaqdı. Yerdə çevrildiyi vaxt, ehtimal ki, onun ayaqları da kara gələ bilərdi.

Fikirləşdi ki, bəs əgər qapı daldan bağlı olmasaydı, görəsən, doğrudanmı, kimisə köməyə çağırardı? Zarafatlıq halı olmasa da, bu fikri xəyalından keçirəndə gülümsəməkdən özünü saxlaya bilmədi.

Var qüvvəsiylə dartınarkən müvazinətini zorla saxladı və məsələ indicə biryolluq bitmək üzrə idi ki, tərslikdən elə bu vaxt küçə qapısının zəngi çalındı. “Kimdisə firmadandır”, – deyib yerindəcə donub-qaldı, xırda ayaqları isə daha sürətlə tərpəşməyə başladı.

Bir neçə anlığa hər yana sakitlik çökdü. Qreqor xam xəyala uyub hansısa çılğın bir ümidlə: “Deyəsən, onlar qapını açmırlar”, – deyə özünə təskinlik versə də, az sonra, əlbəttə, qulluqçu, həmişəki kimi, qəti addımlarla gedib küçə qapısını açdı. Gələnin kimliyini bilmək üçün onun bircə sözünü eşitmək Qreqora kifayət etdi: idarə müdiri şəxsən özü təşrif buyurmuşdu!

Lənətə gələsən, axı o, nəyə görə elə bir firmada işləməliydi ki, orda kiçicik bir xəta da ağır şübhələr oyatsın? Bəyəm bu firmada işləyənlərin hamısı ucdantutma əclaf və yaramazdır? Bəyəm onların içində etibarlısı və sədaqətlisi ola bilməzdi? Lap tutaq ki, həmin adam bir-iki saatını işə sərf etməyib – axı o yazıq vicdan əzabından qovrula-qovrula az qala ağlını itirmək dərəcəsindədir və əgər yataqdan qalxa bilmirsə, demək, etibarlı və sədaqətli deyil? Məsələnin nə yerdə olduğunu öyrənmək üçün – belə sorğu-suala, ümumiyyətlə, lüzum vardısa – bəyəm evə hansısa şagirdi göndərmək bəs etməzdi? Yəni, doğrudanmı, hökmən müdirin özü gəlməli və bu işdə heç bir təqsiri olmayan ailəyə göstərməlidir ki, bəs bu şübhəli məsələni yoxlamağa yalnız onun səlahiyyəti çatır?

Əslində, düşünüb-daşınaraq çıxardığı qəti qərar nəticəsində deyil, bu fikirlərin doğurduğu təşviş altında Qreqor var gücüylə sıçrayıb özünü çarpayıdan yerə tulladı. Döşəməyə zərblə çırpılan gövdənin qopartdığı səs qulaqbatırıcı olmasa da, hər halda, kifayət qədər bərk çıxdı. Xalça səsi bir az yumşaltdığına, həm də kürəyi ehtimal etdiyindən daha elastiki olduğuna görə gurultu kəskin deyil, nisbətən boğuq alındı. Di gəl ki, kifayət qədər ehtiyatlı tutmadığından kəlləsi yerə pis dəydi, ağrıdan dilxor olub başını hirslə xalçaya sürtməyə başladı. Bu vaxt sol tərəfdəki otaqdan müdirin səsi gəldi:

– Deyəsən, orda nəsə aşdı.

Qreqor xəyalında canlandırmağa çalışdı ki, görəsən, buna bənzər bir hadisə müdirin də başına gələ bilməzdimi? Axı bu tövr qəzavü-qədərin mümkünlüyü, əslində, danılmazdır. Sanki müdir də elə bu fərziyyəni rədd edirmiş kimi laklı çəkmələrini cırıldada-cırıldada qonşu otaqda bir neçə sərrast addım atdı. Bu gəlişdən Qreqoru xəbərdar etməyə çalışan bacısı güclə eşidiləcək pıçıltıyla sağ tərəfdəki otaqdan:

– Qreqor, müdir gəlib, – dedi.

– Bilirəm, – deyə Qreqor da çox astadan cavab verdi. Səsini bacısının eşidəcəyi dərəcədə qaldırmağa ürək eləmədi.

– Qreqor, – sol tərəfdəki otaqdan atasının səsi eşidildi, – cənab müdir bizə təşrif buyurub. Soruşur ki, sən hansı səbəbdən səhər qatarıyla getməmisən. Biz bilmirik ona nə cavab verək, həm də o, şəxsən sənin özünlə danışmaq istəyir. Zəhmət olmasa, aç qapını. Səliqəsizliyə görə cənab müdir bizi bağışlayar.

– Sabahınız xeyir, cənab Zamza, – deyə müdir özü də çox mülayim tərzdə bu söhbətə qoşuldu.

– Cənab müdir, o naxoşlayıb, – atası qapı dalından Qreqoru dilə tutmaqda ikən anası da bikar dayanmadı. – Mənə inanın ki, o xəstələnib. Yoxsa heç qatara gecikərdimi? Uşağın bütün fikri-zikri firmanın yanındadır. Hətta mən hərdən acıqlanıram ki, niyə axşamlar o, bir yana getmir. Şəhərdə düz səkkiz gün qaldı, bütün gününü də evdə keçirtdi. Masa arxasında oturub ya qəzet oxuyur, ya da qatarların hərəkət cədvəlini öyrənirdi. Tək bir əyləncəsi var ki, o da bıçqılamaqdır. İki-üç axşamın içində çərçivə düzəldib otaqdan asdı. Elə gözəl çərçivədir ki, baxmağa iki göz istəyir, indi qapını açanda özünüz də görəcəksiniz. Nə yaxşı oldu ki, cənab müdir, siz gəldiniz, yoxsa biz onu qapını açmağa məcbur edə bilməzdik. Çox inadkardır. Səhər gizlətsə də, bilirik ki, bərk xəstədir.

– Bu saat çıxıram, – Qreqor ağır və səlis ahənglə dilləndi, amma qulaq kəsildiyi söhbətdən bir kəlməni də qaçırmasın deyə yerində sakitcə qalıb tərpənmədi. Müdirin cavabı belə oldu:

– Mən bir söz demirəm, xanım. Ümid edək ki, xəstəliyi elə də qorxulu deyil. Digər tərəfdən onu da bildirməliyəm ki, xoşbəxtlikdən, ya bədbəxtlikdən biz tacirlər işimizin xətrinə çox vaxt yüngül naxoşluqları vecimizə almayıb onları gərək ayaq üstə keçirək.

– De görək, cənab müdir içəri daxil ola bilərmi? – hövsələsi daralmış atası yenidən qapını döydü, amma Qreqorun “yox” kəlməsindən sonra sol tərəfdəki otağa üzücü bir sükut çökdü, sağ tərəfdəki otaqdan isə bacısının hönkürtüsü eşidildi.

Bəs nəyə görə bacısı o birilərin yanına getmirdi? Yəqin, elə indicə yataqdan qalxmışdı, heç geyinməyə də macal tapmamışdı, ağlamağı da o səbəbdən idi ki, qardaşı yerindən durmur, müdiri içəri buraxmırdı – deməli, iş yerini itirə bilərdi, sahibkar da onun valideynlərini köhnə tələblərlə küncə qısnayardı. Lakin bunlar hələ ki əsassız təhlükələr idi, hələ ki Qreqor burdaydı və heç də ailəni tərk etmək fikrinə düşməmişdi. Orası düzdür ki, hazırda xalçanın üstündə eləcə sərələnib qalmışdı, amma əgər onun nə kökdə olduğunu bilsəydilər, heç kəs tələb etməzdi ki, müdiri içəri buraxsın. Xırda bir nəzakətsizliyə görə onu dərhal işdən qovmayacaqdılar ki!

Bu şıltaqlığa sonradan asanlıqla bəraət qazandırmaq mümkün idi və Qreqor da haqlı olaraq düşünürdü ki, indi göz yaşı tökməkdən, yaxud nəsihətlərlə təngə gətirməkdənsə, yaxşı olardı onu dinc qoysunlar, rahat buraxsınlar. Amma hamıya əziyyət verən, eyni zamanda hər birinin hərəkətinə haqq qazandıran məhz bu qeyri-müəyyənlik idi.

– Cənab Zamza, – müdir bu dəfə səsini yüksəltdi, – nə olub, nə baş verib axı? Siz otağa bağlanıb qalmısınız, “hə-yox”dan başqa ayrı bir cavabınız yoxdur, valideynlərinizi lüzumsuz intizarda saxlayırsınız, sözgəlişi onu da xatırladım ki, ağlagəlməz bir şəkildə vəzifənizdən boyun qaçırırsınız. İndi mən sizin valideynlərinizin və xozeyininizin adından danışıram. Rica edirəm, yubatmadan məsələni mənə izah edəsiniz. Mən təəccüb içindəyəm, mat-məəttəl qalmışam! Sizi dinc, dərrakəli bir şəxs bilirdim, sizsə, deyəsən, qəribə oyunlar çıxartmaq fikrinə düşmüsünüz. Düzdür, sahibkar bu səhər sizin işdən yayınmanızın mümkün izahına yüngülcə bir eyham vurdu – bu sizə yaxınlarda etibar edilmiş inkassoya[3 - İnkasso – bank əməliyyatı; nağd pulun müştəridən alınaraq bank vasitəsilə sənədləşdirilməsi: əməliyyatı həyata keçirən bu yolla komisyon haqqı alır.] aiddir, – lakin mən and içməyə hazır idim ki, həmin səbəb həqiqətəuyğun deyil. İndi bu anlaşılmaz inadınızı görərkən sizi hər hansı dərəcədə müdafiə etmək niyyətim puça çıxır. Vəziyyətiniz isə əsla möhkəm deyil, istəyirdim bunu sizə təklikdə deyəm, ancaq bir halda ki siz məni burda əbəs yerə vaxt itirməyə məcbur edirsiniz, onda mən bunu hörmətli valideynlərinizdən gizlətməyə səbəb görmürəm. Son vaxtlar nailiyyətiniz, açıq deməliyəm ki, qeyri-kafi idi. Doğrudur, indi ilin o mövsümü deyil ki, böyük sazişlər bağlayasan, biz burasını etiraf edirik, cənab Zamza, amma ilin heç bir saziş bağlanmayan fəsli də mövcud deyil və heç ola da bilməz.

– Cənab müdir, – Qreqor özünü saxlaya bilməyib çığırdı və bərk həyəcanlandığından hər şeyi unutdu, – mən axı bu saat, lap elə bu dəqiqə qapını açıram! Yüngülvarı bir kefsizlik, başgicəllənmə imkan vermirdi ayağa durum. Mən hələ indi də çarpayıdayam. Amma artıq özümə gəlmişəm, dururam. Bircə dəqiqə səbir edin! Əhvalım elə də yaxşı deyilmiş, amma hazırda nisbətən düzəlib. Müsibətə bax! Dünən axşam özümü əla hiss edirdim, bunu valideynlərim də təsdiqləyər, lap doğrusu, axşam ürəyimə nəsə dammışdı. Güman ki, bu, kənardan da hiss olunub. Gərək bu barədə firmaya xəbər verəydim, nə bilim! Adam həmişə fikirləşir ki, naxoşluğu elə ayaq üstə keçirə bilər. Cənab müdir! Siz Allah, valideynlərimə rəhm edin. Axı bayaqkı tənələriniz üçün heç bir əsas yoxdur, axı bu iradlar barədə mənə bir söz deməmisiniz. Çox yəqin ki, göndərdiyim axırıncı sifarişləri siz hələ görməmisiniz. Bir də ki mən saat səkkiz qatarıyla yola düşəcəyəm. Bu bir neçə saatlıq artıq yuxu mənə əlavə güc verib. Cənab müdir, siz ləngiməyin, bu saat mən özüm firmaya gəlirəm, lütfən, xozeyinə belə söyləyin və mənim ehtiramımı ona yetirin!

Nə danışdığını özü də dərk etmədən bu sözləri deyə-deyə Qreqor asanlıqla – görünür, buna hələ çarpayıda ikən alışmışdı – sandığa yaxınlaşdı, ona söykənib dikəlməyə çalışdı. O, həqiqətən, qapını açmaq, müdirlə danışmaq, bayırda intizarla durub gözləyənlərin onu görəndə nə deyəcəklərini bilmək istəyirdi. Əgər bayırdakılar onun görkəmindən qorxsaydılar – məsuliyyət onun üzərindən götürüləcəkdi və o da xatircəm ola bilərdi. Yox, əgər hər şeyi sakit qarşılasalar, deməli, təşvişə düşməyə heç bir səbəb yoxdur və o da saat səkkizdə vağzalda olacaq.

Sandığın çox hamar olması səbəbindən cəhdi dərhal baş tutmadı, bir neçə dəfə sürüşüb düşdü, nəhayət, axırıncı sıçrayışda bütün qamətiylə dikələ bildi, bu zaman bədəninin aşağı hissəsində ona olmazın əziyyət verən ağrıya da heç məhəl qoymadı. Sonra yaxınlıqdakı stulun söykənəcəyinə dayaqlanıb ayaqlarını onun qıraqlarına bənd elədi. İndi o daha bədəninə yiyəlik edə bilirdi, eyni vaxtda müdirin cavabını eşitmək üçün cınqırını çıxarmırdı. Müdirsə üzünü valideynlərə tutub soruşdu:

– Siz nəsə bir söz başa düşdünüz? Yoxsa o bizi məsxərəyə qoyur?

– Allah xatirinə, insaf edin! Uşağın halı xarabdır, bizsə ona əziyyət veririk, – deyə vay-şivən qoparan ana göz yaşları içində “Qreta! Qreta!” çığırdı, bacısı da əks tərəfdən “Ana!” deyərək ona hay verdi. – Tez ol, həkim dalınca qaç. Qreqor xəstədir, tez həkim çağır. Sən onun nə cür danışdığını eşitdin?

Müdirsə ananın çığırtısı ilə əsla müqayisəyə gəlməyəcək son dərəcə yavaş səslə:

– O, heyvan səsi idi, – dedi.

Atası əllərini bir-birinə çırpıb hiddətlə mətbəxə üz tutdu:

– Anna! Anna! Tez çilingər çağırın!

Yubkası xışıldaya-xışıldaya hər iki qız dəhlizlə qaçıb getdi, – bacısı nə tez geyindi ki? – küçə qapısı taybatay açıldı, amma necə örtüldüyü eşidilmədi, görünür, qapını açıq qoyub getmişdilər, qəfil bədbəxtlik üz verən evlərdə belə şeylərə təsadüf edilir.

Qreqor tam arxayınlaşdı. Onun sözlərini anlamasalar da, dedikləri özünə kifayət qədər aydın idi, hətta əvvəlkindən də aydın. Yəqin, qulaqları bu sözlərə alışdığından belə idi. Onu başa düşməsələr də, başına nəsə iş gəldiyinə artıq inanmışdılar və kömək etməyə hazır idilər. Verilən sərəncamlardakı qətiyyət və inam Qreqora müsbət təsir göstərdi. O, təzədən adamlara qoşulduğunu hiss etdi, mahiyyətcə birini digərindən ayırmadan həkimin də, çilingərin də möcüzə yaradacağını gözlədi, yaxınlaşmaqda olan həlledici danışıqlar ərəfəsində kəlmələri kifayət qədər anlaşıqlı tələffüz etmək üçün boğazını arıtlayanda səsini mümkün qədər boğmağa çalışdı – kim bilir, bəlkə, bu heç adam öskürəyinə bənzəmirdi? Ancaq bu barədə əlavə fikir yürütməyə ürək eləmədi. Bu arada qonşu otaqda tam sakitlik idi – nə biləsən axı, bəlkə, valideynləri müdirlə masa arxasında oturub xısınlaşır, ya da, ola bilsin, qulaqlarını qapıya söykəyib dinşəyirdilər.

Qreqor stulla birlikdə ağır-ağır qapıya doğru getdi, sonra stulu buraxıb dikinə qapıya söykəndi. Pəncələrində nəsə yapışqanlı maddə vardı. Uzun zəhmətdən sonra bir az da dikəldi, sonra açarı ağzıyla hərlətməyə başladı. Amma heyif ki, əsl dişləri yox idi, – bəs indi açarı ağzında necə tutsun? – əvəzində çənəsi kifayət qədər möhkəm idi və o da açarı elə çənəsiylə hərlətməyə başladı, heç aldığı xəsarətə də əhəmiyyət vermədi. Ağzına dolan boz maye açar boyu axıb döşəməyə töküldü. Elə bu vaxt qonşu otaqdan müdirin səsi gəldi:

– Bir qulaq asın, deyəsən, o, açarı hərlədir.

Qreqor xeyli ürəkləndi, amma yaxşı olardı ki, hamısı bir ağızdan onu səsləyib çığıraydı: “Güc ver, Qreqor! Hə, güc ver, bərkdən bur açarı!”

Təsəvvür edəndə ki, onun səyinə hamı eyni gərginliklə diqqət edir, Qreqor var gücünü əsirgəmədən açardan tutdu, açar burulduqca qapının yanında gah bu, gah da o biri ayağına meyilləndi, dik durub ağzının köməyi ilə gah açardan sallanır, gah da gövdəsinin bütün ağırlığını onun üstünə salırdı. Axırda kilidin şaqqıltısı onu sanki yuxudan oyatdı, nəfəsini dərib: “Hər halda, çilingərsiz keçinə bildim”, – dedi və qapını açmaq üçün başını onun dəstəyinə qoydu.

Bu üsulla açıldığından qapı xeyli aralananda da Qreqor özü görünmədi. O, əvvəl qapının bir tayından keçməli idi, özü də elə ehmal keçməliydi ki, otağın girişində arxası üstə çevrilməsin. Qreqor bu qəliz işlə məşğul ikən və artıq heç nəyə əhəmiyyət verməyib tələsdiyi vaxt birdən müdirin bərkdən “oh!” dediyini eşitdi, – bu səs ona küləyin uğultusu kimi gəldi, – ardınca Qreqor müdirin özünü gördü, qapıya hamıdan yaxın durmuş kişi heyrətdən açılmış ağzını əliylə qapayıb yavaş-yavaş geri çəkildi, sanki hansısa gözəgörünməz bir qüvvə onu qovurdu. Saçları hələ axşamdan pırtlaşıq qalmış ana – baxmayaraq ki müdir burdaydı – əllərini sıxıb əvvəl ataya baxdı, sonra tumanı yellənə-yellənə Qreqora tərəf iki addım atıb yerə çökdü; başı köksünə endiyindən qadının sifəti görünmürdü. Ata isə yumruqlarını hədələyici bir tərzdə düyünləyib, deyəsən, əvvəlcə Qreqoru içəri itələmək istədi, sonra tərəddüd içində qonaq otağına baxdı, əllərini gözünə sıxıb bərkdən hönkürdü, geniş köksü bir neçə dəfə qalxıb-endi.

Qreqor heç də qonaq otağına keçmədi, eləcə qapının tayına söykənib durdu. Bu səbəbdən təkcə gövdəsinin yarısı və otağa tərəf əyilmiş başı görsənirdi. Bu müddətdə hava da xeyli işıqlaşmışdı. Küçənin əks tərəfindəki pəncərələri fasada açılan bozumtul xəstəxana binasının bir hissəsi aydın seçilirdi. Yağış hələ də yağmağında idi, amma indi damcılar sanki iriləşib bir-birindən seçilir və yerə də hərəsi ayrılıqda, tək-tək düşürdü. Masa üzərində səhər yeməyinə aid bir xeyli qab-qacaq vardı, səhər yeməyinə xüsusi önəm verən atası üçün bu, günün ən vacib yeməyi sayılırdı. O, qəzet oxuya-oxuya keçirdiyi həmin vaxtı saatlarla uzatmağa vərdiş etmişdi. Üzbəüz divardan Qreqorun hərbi xidmət illərindən qalma fotoşəkli asılmışdı. Əlini qılıncın qəbzəsinə qoyub qayğısızcasına gülümsəyən leytenantın şax duruşu da, mundiri də kənardan hörmət və ehtiram təlqin edirdi. Dəhlizin qapısı açıq idi, giriş qapısı da aralı qaldığından pilləkənin üstü və aşağı aparan bir-iki üst pillə görünürdü.

– Hə, – deyə sakitliyini hamıdan yaxşı təkcə elə özünün qoruduğunu görən Qreqor tam əminliklə dilləndi, – mən bu saat geyinirəm, nümunələri də toplayıb yola düşürəm. Yaxşı, bəs siz mənim yola düşməyimi, səfərə çıxmağımı istəyirsiniz? İstəyirsinizmi gedim? Hə, cənab müdir, görürsünüz də, mən heç də höcət deyiləm, çox ürəklə işləyirəm, səfərlər yorucu da olsa, mən qətiyyən səfərsiz dura bilmirəm. Siz hara gedirsiniz, cənab müdir, kontoramı? Gedib hər şey barəsində xozeyinə məlumat verəcəksiniz, eləmi? Adam bəzən işləmək gücündə olmur, onda keçmiş uğurlar barədə xəyallara dalmağın əsl məqamı yetişir, xatırlaya-xatırlaya ümid edir ki, gələcəkdə daha səylə işləyəcək, bütün qüsurları aradan qaldıracaq. Xozeyinə mənim necə minnətdar olduğumu siz çox yaxşı bilirsiniz. Digər tərəfdən valideynlərimin və bacımın qayğısı mənim üstümdədir. İndi mənə müsibət üz verib, amma bundan xilas olacağam. Sizsə, cənab müdir, onsuz da çətin olan vəziyyətimi korlamayın, firmada mənim tərəfimi saxlayın! Bilirəm, kommivoyajerləri çox da xoşlamırlar, hamı belə düşünür ki, guya biz kalan pul qazanıb eyş-işrət içində yaşayırıq, heç kəs də beyinlərə yerimiş bu yanlış təsəvvürü dəyişmək barədə düşünmür. Lakin siz, cənab müdir, işin nə yerdə olduğunu başqalarından daha yaxşı bilirsiniz, öz aramızdır, hətta xozeyinin özündən də yaxşı bilirsiniz. O, bir sahibkar kimi gözünü yumub hər hansı qulluqçusunun zərərinə rahatca səhv edə bilər, məsələnin kökünə getmədən yanlış qərar çıxara bilər. Həmçinin siz çox gözəl bilirsiniz ki, il uzunu firmadan kənarda qalan biçarə kommivoyajer asanlıqla cürbəcür dedi-qoduların, təsadüflərin, əsassız ittihamların qurbanına çevrilir, özü də bu şeylərdən əsla qorunmaq iqtidarında deyil, çünki heç onların çoxundan xəbər də tutmur; yorğun-üzgün halda səfərdən qayıdanda bütün bu qarayaxmaların yalnız acısını dadmalı olur. Cənab müdir, mənim haqlı olduğumu bir quru sözlə də olsa, etiraf etmədən getməyin!

Qreqor ağzını açan kimi müdir üzünü döndərmişdi, qaşqabağını töküb ona çiyni üstündən qanrılıb baxır, çiyni də tez-tez atılıb-düşürdü, danışan vaxtda isə bir an belə yerində dinc durmur, gözünü Qreqordan çəkmədən elə hey aralanır, ağır-ağır qapıya tərəf çəkilirdi, sanki hansısa gizli qüvvə onu buranı tərk etməyə qoymurdu. Artıq o, dəhlizdə idi, qonaq otağından qəfil bayıra atdığı son addımı görən hər kəs elə düşünərdi ki, dabanına köz basıblar. Dəhlizdə sağ əlini pilləkənə doğru elə uzatdı ki, deyərdin bəs orada xariqüladə bir səadət qanadlarını açıb onu gözləyir.

Qreqor anlayırdı ki, firmadakı işini zərbə altında qoymaq istəmirsə, müdiri qətiyyən bu ovqatda buraxmamalıdır. Bütün bu mətləbləri valideynləri onun qədər aydın dərk etmirdilər, illər ötdükcə onlar belə düşünməyə alışmışdılar ki, bəs Qreqor işlədiyi firmaya ömürlük düzəlib, hazırda başlarının üstünü kəsdirən qayğılar isə onları bəsirətdən büsbütün məhrum etmişdi. O ki qaldı Qreqorun özünə, əksinə, Qreqor bu bəsirətə malik idi və indi gərəkdir ki, müdiri nə yollasa ləngitsin, sakitləşdirsin, dilə tutsun, inandırsın, axır nəhayətdə öz tərəfinə çəksin – axı özünün və ailəsinin gələcəyi ondan asılı idi!

Ah, kaş ki bacısı getməsəydi! Bacısı ağıllıdır, Qreqor hələ arxası üstə rahatca uzananda Qreta artıq onun üçün ağlayırdı. Əlbəttə, qadın düşkünü olan müdir onu eşidərdi, bacısı giriş qapısını bağlayıb şirin diliylə müdirin tərəddüdlərini dağıdardı. Ancaq bacısı çıxıb getmişdi və indi Qreqor özü işə girişməliydi. O öz hərəkət imkanlarını zərrəcə düşünmədən, danışığının, bəlkə, yenə də anlaşılmaz olacağını nəzərə almadan qapının bu tayını buraxıb o üzə keçdi. Pilləkəndə durub hər iki əliylə gülməli bir vəziyyətdə sürahidən yapışmış müdirə tərəf yerimək istəsə də, bacarmadı, söykənəcək axtara-axtara boğuq bir zarıltı ilə pəncələri üstə düşdü, düşən kimi də bütün bədəni sustaldı və o bu səhər ərzində ilk dəfə rahatlandı.

Düşdüyü yer bərk olsa da, qorxuqarışıq bir sevinclə hiss edəndə ki pəncələri əməlli-başlı sözünə baxır, hətta onu getmək istədiyi yerə aparmağa da çalışır, inandı ki, çəkdiyi əzablar lap elə indicə biryolluq sona çatacaq. Di gəl ki, məhz həmin an o, anasına yaxın yerdə, onunla üzbəüz döşəmədə uzanarkən qəfil təkandan silkələndiyini hiss etdi. Bayaqdan bəri key halda matı-qutu qurumuş anası qəfil yerindən sıçrayıb ayağa qalxdı və qollarını geniş açaraq bağırdı: “Kömək edin! Allah xatirinə kömək edin!” O, başını əyib sanki Qreqoru daha diqqətlə süzmək istədi, əvəzində isə mənasız tərzdə daldalı çəkildi, huşu başında olmadığından arxada üstü qab-qacaq dolu masanı yaddan çıxardıb düz onun üstündə oturdu, böyrü üstə aşan qəhvədandan qəhvənin xalçaya necə süzüldüyünü hiss etmədi.

– Ana, ana! – deyə Qreqor zəif, ölgün səslə anasını çağırıb gözünü onun üzünə dikdi.

Bir anlığa müdiri də unutdu, yerə axan qəhvəyə baxanda özünü saxlaya bilməyib bir neçə dəfə əsəbi halda udqundu. Bunu görəndə anası təzədən çığırıb sıçradı, özünü ona tərəf cuman atanın qucağına yıxdı.

Lakin valideynlərinin nazıyla oynamağa hazırda Qreqorun qətiyyən vaxtı yox idi: müdir artıq pilləkəndə idi – çənəsini sürahiyə dirəyib geriyə son vida nəzəri salmışdı.

Qreqor müdirin dalınca qaçmaq, daha doğrusu, onu haqlamaq fikrinə düşdü, müdirsə, görünür, bu niyyəti anlamışdı, ona görə üç-dörd pilləni birdən sıçrayıb gözdən itdi. Ondan yalnız bircə səs çıxdı: “Tfu!” – və bu səs bütün pilləkənə yayıldı.

Əfsuslar olsun ki, müdirin sivişib aradan çıxması bayaqdan bəri başqalarına nisbətən daha möhkəm dayanmış atasının əhvalını pozdu və kişini əməlli-başlı hövsələdən çıxartdı. İşə bax ki, müdirin dalınca qaçıb onu saxlamaq, ya da, heç olmasa, Qreqorun ona çatmasına mane olmamaq əvəzinə atası qonağın palto və şlyapa ilə birlikdə qoyub getdiyi çəliyi sağ əlinə, masa üzərindən götürdüyü qəzeti də sol əlinə alıb təpiklərini hirslə yerə döyməyə, qəzetlə çəliyi yellədə-yellədə Qreqoru öz otağına qovmağa başladı. Qreqorun heç bir xahişi kara gəlmədi, həm də atası bu xahişləri anlamaq, başa düşmək halında deyildi, Qreqor başını nə qədər itaətkarlıqla tərpədirdisə, atası ayağını döşəməyə bir o qədər bərk döyürdü. Anası isə havanın nəmişliyinə baxmayaraq, gedib pəncərəni taybatay açdı, başını çölə çıxarıb əlləriylə üzünü örtdü. Pəncərə pilləkənin üstündən yel çəkirdi, pərdələr yellənir, masa üzərindəki qəzetlərin xışıltısı eşidilirdi. Bir neçə vərəq döşəməyə səpələnmişdi.

Ata heyvan kimi fısıldaya-fısıldaya onun üstünə hücum çəkir, Qreqor daldalı getməyə vərdiş etmədiyindən ləng tərpənirdi, hərçənd dönsəydi, dərhal öz otağına düşəcəkdi, intəhası gec fırlanıb atasını təbdən çıxaracağından qorxurdu, kişinin əlindəki çəlik hər an kürəyinə, ya başına ölümcül zərbə endirə bilərdi. Nəhayət, deyəsən, Qreqora ayrı heç bir çıxış yolu qalmadı, çünki o, dəhşət içərisində baxdı ki, daldalı sürünməklə hətta hər hansı istiqamət götürmək iqtidarında da deyil. Buna görə bir gözü atasında, mümkün qədər sürətlə, əslində, çox ağır-ağır dönməyə başladı. Görünür, atası bu nəcib niyyəti dərk etdi: nəinki dönməsinə mane olmadı, hətta çəliyin ucuyla uzaqdan onun hərəkətlərini yönləndirməyə başladı.

Kaş kişinin bu dözülməz fısıltısı olmayaydı! Fısıltının ucbatından Qreqor başını lap itirmişdi, elə dönüb qurtarırdı ki, fısıltıya qulaq verdiyindən yanılıb bir az arxaya buruldu. Nəhayət, başını sağ-salamat halda açıq qapıya doğru tuşlaya bildi, amma bu vaxt məlum oldu ki, gövdəsi çox enlidir, qapıdan rahat keçməyəcək. Atasının belə vəziyyətdə ağlına da gəlmədi ki, qapının ikinci tayını açıb ona yol versin, onun tək bircə niyyəti vardı – Qreqoru mümkün qədər tez içəri təpsin. O heç bir əsaslı hazırlığa dözəcək halda deyildi, bu hazırlıq isə Qreqora lazım idi ki, dik vəziyyət alıb, bəlkə, bu halda qapıdan keçə bilsin. Guya heç bir əngəl-filan yoxmuş kimi, indi atası onu xüsusi hay-küylə içəri qovurdu; arxadan eşidilən səslər də təkcə ataya məxsus deyildi; məsələ, həqiqətən, çox ciddiləşmişdi, odur ki Qreqor da – nə olacaqsa, qoy olsun! – deyib var gücüylə özünü qapıya dürtdü. Bədəninin bir tərəfi köpmüş halda qapının ağzında eləcə sərələnib qaldı, bir böyrü əməlli-başlı yaralanıb ağ boyalı qapıya iyrənc ləkə saldı. Gövdəsi qapıya pərçimləndiyindən daha irəli-geri tərpənə bilmədi; bir böyründəki ayaqları əsə-əsə sallanır, o biri böyründəkilər isə altında qaldığından bərk ağrıyırdı. Bu vaxt atasının daldan zərblə ilişdirdiyi, əslində, xilasedici rol oynayan təpiyindən sonra Qreqor büsbütün qan içində, nəhayət ki, öz otağına düşdü. Qapını çöl tərəfdən çəliklə itələyib örtdülər və içəri çoxdan arzu edilən bir sakitlik çökdü.


II

Qreqor bayğınlığa bənzər ağır yuxudan bir də şər qarışan vaxt ayıldı. Əgər onu narahat etməsəydilər də, özü bir azdan oyanacaqdı, çünki dincini bəs deyincə almışdı və indi özünü yuxudan doymuş kimi hiss edirdi, bununla belə, ona elə gəldi ki, dəhlizə açılan qapının ehmalca örtülməsi və kiminsə ürkək addımları onu yuxudan oyadıb. Küçədəki elektrik fənərlərinin işığı tavana, mebelin yuxarı hissəsinə düşmüşdü, onun sərilib qaldığı yer isə qaranlıq idi.

Evdə nələrin baş verdiyini öyrənmək üçün qədrini indi-indi bilməyə başladığı qarmaqlarının köməyi ilə qapı tərəfə süründü. Çapılmış sol böyrü bərk göynəyir, hər iki tərəfindən sallanan qıçları isə əməlli-başlı axsayırdı. Səhər bərk yaraladığı qıçlarından biri – möcüzəyə bax ki, yalnız biri! – indi döşəmədə güclə sürünürdü. O yalnız qapıya çatanda bura niyə tələsdiyini başa düşdü, nəsə dadlı bir qoxu gəlirdi, şirin südlə dolu bir kasa qoyulmuş, içinə də ağ çörək doğranmışdı. Sevincdən az qala qəşş edəcəkdi, çünki yeməyi səhərkindən daha betər istəyirdi. Başını acgözlüklə qabın içinə soxdu, amma tez də dilxorcasına geri çəkdi, sol böyrü zədəli olduğundan yemək arxasında oturmaq çətin iş idi, yalnız ağzını geniş açıb bütün gövdəsini işə salmaqla rahat yeyə bilərdi. Lakin onun bərk xoşladığı, elə bacısının da, yəqin, bu səbəbdən gətirdiyi süd birdən-birə ona çox dadsız gəldi, kasadan ikrahla üz döndərib geriyə, otağın ortasına tərəf süründü.

Qonaq otağında işığın yandırıldığını o, qapının çatından gördü. Adətən, bu vaxtlar atası axşam qəzetlərini anasına, hərdən də bacısına ucadan oxuyardı, ancaq indi heç bir səs-səmir gəlmirdi. Bacısının daim ona nəql etdiyi, yaxud məktublarında yazdığı bu qiraət, deyəsən, son vaxtlar gündəlik məişətdən çıxmışdı. Evdə, heç şübhəsiz, adam vardı, intəhası hər tərəf başdan-başa sakitlik içində idi.

“Ailəmiz gör necə də sakit həyat sürür”, – öz-özünə pıçıldadı. Gözünü qaranlığa dikib doğmaları üçün belə gözəl mənzil, firavan həyat bəxş etdiyinə görə daxilən şadlanıb qürrələndi. Bəs əgər indi bu rahatlığın, əmin-amanlığın dəhşətli sonu çatmışsa, onda necə? Belə bəd fikirlərə qapılmasın deyə əzələlərini övkələyib yumşaltmaq və otaq boyunca aşağı-yuxarı sürünmək qərarına gəldi.

Bütün bu uzun axşam ərzində yalnız bircə dəfə yan qapı bir balaca aralandı və dərhal da örtüldü. Sonra başqa bir qapı cırıldadı – görünür, hər kimdisə içəri girmək istəyir, amma ürək eləmirdi. Qreqor tərəddüd keçirən bu adamı birtəhər saxlamaq, heç olmasa, onun kimliyini müəyyənləşdirmək üçün düz qonaq otağının qapısınacan süründü, lakin qapı açılmadı və Qreqorun buna sərf etdiyi vaxt da hədər getdi. Səhər qapı bağlı olarkən hamı onun yanına gəlmək istəyirdi, indi isə qapının birini o özü açmışdı, qalan qapılar da bütün gün ərzində, yəqin, açılmışdı, ancaq onun yanına gələn yox idi, elə açarlar da bayır tərəfdən qapının üstündə asılıb qalmışdı.

Qonaq otağının işığı gecədən xeyli ötmüş söndürüldü; heç demə, ata-anası və bacısı bu vaxtacan oyaqmış, çünki indi pəncəsi üstə hərənin öz çarpayısına tərəf getməsi aydınca eşidildi. Daha səhərəcən yanına heç kəs gəlməyəcəkdi, deməli, həyatını yenidən qurmaq barədə maneəsiz fikirləşməsi üçün kifayət qədər vaxtı vardı. Di gəl, üzüqoylu sərələndiyi hündür otaq canına vəlvələ saldı. Qorxunun səbəbi heç cür beyninə batmırdı – axı bu otaqda o, düz beş il yaşamışdı. Qeyri-iradi geri dönüb pərt halda divanın altına süründü. Kürəyi bir az sıxılsa da və başını dikəldə bilməsə də, burda özünü daha rahat hiss etdi, bircə ona heyifsiləndi ki, gövdəsi çox enli olduğundan divanın altına tam yerləşmir.

Bütün gecəni orada keçirdi: gah aclığın tez-tez ürkütdüyü mürgü, gah da sonsuz qayğı və tutqun ümidlər içərisində vurnuxa-vurnuxa axırda belə nəticəyə gəldi ki, özünü mümkün qədər dinc aparıb düşdüyü vəziyyətin ucbatından ailənin başına gətirdiyi müsibəti səbirlə, qanacaqla yüngülləşdirməlidir.

Obaşdan – demək olar, hələ gecə idi – bacısının tam geyinmiş halda dəhliz qapısını açıb ehmalca onun otağına nəzər saldığı vaxt qəbul etdiyi qərarın qətiliyini sınaqdan çıxarmaq üçün əlinə əsl fürsət düşdü. Qız Qreqoru dərhal görmədi, lakin sonradan onu divanın altında görəndə – ilahi, axı o, haradasa olmalıydı, uçub gedə bilməzdi ki! – elə qorxdu ki, özünü ələ ala bilməyib tələsik qapını çırpıb çıxdı. Sonra tutduğu əməldən peşman kimi təzədən qapını açdı, ağır xəstənin, ya kənar adamın yanına gedirmiş kimi pəncələri üstə içəri daxil oldu. Qreqor başını lap qırağa gətirib divanın altından bacısına göz qoymağa başladı.

Görəsən, ac ola-ola südə toxunmadığını qız duyacaqdımı və ona daha münasib başqa yemək gətirəcəkdimi? Əgər bacısı özü duymasaydı, lap acından ölsə də, Qreqor onun diqqətini buna cəlb etməzdi, halbuki az qalırdı sıçrayıb divanın altından çıxsın, bacısının ayaqlarına düşüb ondan yaxşı bir yemək istəsin.

Qreta içəri girən kimi kasanın dolu olduğunu, hətta ətrafa süd çiləndiyini görüb heyrətləndi, kasanı götürüb – əlbəttə ki, əliylə yox, hansısa əsgi parçasıyla – apardı. Bunun əvəzində nə gətirəcəyi Qreqor üçün çox maraqlıydı, o hətta bu barədə cürbəcür fərziyyələr uydurmağa başladı. Amma ha fikirləşsə də, təbiətən qayğıkeş bacısının neyləyə biləcəyini anlamağacan gedib çıxmadı. Bacısı onun nə yemək istədiyini bilmək üçün bir yığın ərzağı gətirib köhnə bir qəzet parçasının üstünə düzdü. Burda soluxmuş göyərti, şam yeməyindən qalma bir-iki sümük, bir az kişmiş və badam, Qreqorun iki gün əvvəl dilinə vurmadığı bir tikə pendir, yağ yaxılmış bir dilim çörək, üstünə duz səpilmiş yaxmac vardı, böyrünə də hansısa kasada – yəqin, indən belə Qreqordan ötrü ayrılmış qabda – su qoyulmuşdu.

Qreqorun onun yanında heç nə yeməyəcəyini yəqin edən bacı otaqdan çıxıb getdi, hətta qardaşının xatircəmliyi üçün şərait də yaratdı – açarı arxadan burdu. Qreqor yeməyə tərəf süründü. İndi ayaqları bir-birindən daha iti sürətlə irəli dartınırdı. Deyəsən, yaraları da sağalmışdı, heç bir maneə hiss eləmirdi. Buna bir az təəccüb edərək xatırladı ki, bir aydan artıqdır barmağını bıçaqla yüngülcə çərtib və həmin yara onu srağagünəcən bərk incidirdi. “Doğrudanmı, həssaslığı itirmişəm?” – deyə ani olaraq beynindən keçirib sonra acgözlüklə pendirə girişdi. Yeməklərdən ən çox elə pendir xoşuna gəldi. Aldığı ləzzətdən gözləri yaşarmış halda əlinə keçəni – göyərtini, pendiri, sousu – tələm-tələsik içəri ötürdü, təzə xörəyin tamından isə, əksinə, heç xoşlanmadı, hətta qoxusu da ona dözülməz gəldi və yemək istədiyi tikələri bir-bir çıxarıb kənara qoydu.

O artıq çoxdan yeyib doymuşdu və yediyi yerdəcə tənbəlcəsinə sərələnib qalmışdı. Bu zaman yerinə qayıtmasının vaxtı çatdığına işarə olaraq bacısı o üzdən açarı ağır-ağır hərlətdi. Artıq mürgüləməyə başlasa da, bu səsdən ürküb tez divanın altına süründü. Lakin qızın otaqda olduğu qısa vaxt ərzində də divanın altında qalmaq asan məsələ deyildi – çox yediyindən gövdəsi xeyli girdələşmişdi və bu darısqal yerdə nəfəs almaq ona əzab verirdi. O, təngnəfəs halda gözlərini bərəldib eləcə bacısına baxırdı, qız isə heç nədən şəklənib-çəkinmədən nəinki yeyilmiş xörəklərin artığını, hətta əl dəyilməyən, toxunulmayan yeməkləri də daha heç nəyə yaramayacaq kimi süpürüb bir yerə yığdı, hamısını vedrəyə əndərib ağzını taxta parçasıyla örtdü və vedrəni götürüb getdi. Qreqorun gözündən heç nə yayınmadı, bacısı dönüb getməyə macal tapmamış dərhal divanın altından çıxıb döşəməyə sərələndi və şişman qarnına tam sərbəstlik verdi.

Beləliklə, Qreqor gündə iki dəfə yeməklə təmin edilirdi, valideynlərinin və qulluqçunun hələ yuxuda olduğu sübh obaşdan, bir dəfə də – ümumi nahardan sonra. Bu vaxt valideynləri yenə də yatmış olurdular, qulluqçunu isə bacısı hansısa buyruqla evdən çıxarırdı və bundan sonra Qreqora yemək gətirirdi. Əlbəttə, Qreqorun acından ölməsini bu evdə heç kəs istəmirdi, amma ona yemək verilməsi işinin təfərrüatını bilmək, yəqin ki, valideynləri üçün dözülməz olardı, görünür, elə bacısı da onları, heç olmasa, bu xırda dərd-qüssədən qorumağa çalışırdı – biçarələr onsuz da bəs deyincə əzab içindəydilər.

Bu müsibətin baş verdiyi birinci səhər həkimlə çilingərin evdən hansı bəhanə ilə yola salındığından Qreqor xəbərsiz qaldı: özləri onu anlamadıqlarından Qreqorun da başqalarını anlaya biləcəyi fikri heç birinin, o cümlədən bacısının da ağlına gəlmirdi. Bu səbəbdəndir ki, bacısı otaqda olarkən Qreqor “ah-uf”dan və müqəddəslərə yalvarışdan özgə bir şey eşidə bilmirdi. Sonralar, bacısı vəziyyətə nisbətən alışdığı vaxt – tam alışmaqdan heç söhbət gedə bilməzdi – Qreqorun qulağına hərdən nəvazişli sözlər də çatırdı; yemək axıracan yeyiləndə bacısı: “Bu gün yeməyi bəyənib”, – deyirdi, əksinə olanda, yəni yemək yeyilməyəndə isə – bu hal get-gedə daha çox təkrarlanırdı – kədərli-kədərli söylənirdi: “Yenə hamısı tökülüb qalıb”.

Baş verənlərdən birbaşa xəbər tutmasa da, qonşu otaqlarda gedən söhbətlərə xəlvəti qulaq asır, səs eşidən kimi dərhal həmin səmtə cumub bütün gövdəsiylə qapıya qısılırdı. Xüsusən ilk günlər elə söhbət olmurdu ki, hərlənib-fırlanıb axırda onun məsələsinə gəlib çıxmasın. Hər dəfə yemək vaxtı onlar hazırkı vəziyyətdə özlərini necə aparacaqları barədə məşvərət edirdilər; elə yeməkarası vaxtda da söhbət bundan gedirdi. Evdə həmişə ailə üzvlərindən ən azı ikisi qalırdı, görünür, tək qalmağa heç kəs ürək eləmirdi, evi yiyəsiz qoyub getmək də olmazdı. Yeri gəlmişkən, hadisə barədə nə bildiyi tam bəlli olmayan qulluqçu elə birinci gün ananın qarşısında diz çöküb yalvarmışdı ki, onu dərhal azad etsin, cəmisi on beşcə dəqiqə sonra ailə üzvləri ilə vidalaşanda isə qadın işdən çıxarılmasını özünə qarşı yüksək iltifat nişanəsi kimi qiymətləndirərək göz yaşları içində anaya öz dərin təşəkkürlərini bildirmiş və dönə-dönə and-aman eləmişdi ki, bu barədə heç kəsə bir kəlmə də danışmayacaq, halbuki bunu xüsusi olaraq ondan tələb edən yox idi.

İndi evin biş-düşü bacısı ilə anasının üzərinə düşürdü, amma bu çox da böyük zəhmət tələb etmirdi, çünki evdə, demək olar ki, yeyən yox idi, bir-birini əbəs yerə dilə tutan valideynlərinin səsini Qreqor tez-tez eşidirdi, cavab isə “sağ ol, mən toxam”, yaxud buna bənzər bir şey olurdu. Deyəsən, içkini də tərgitmişdilər; bacısı pivə istəyib-istəmədiyini atasıdan tez-tez soruşurdu, deyirdi, lazımdırsa, gedib alar, kişinin susduğunu görəndə isə onun xatircəmliyi üçün əlavə edirdi ki, pivə dalınca dalandar qadını da göndərə bilər. Ancaq onda atası qəti olaraq “yox!” cavabı verirdi və bununla da söhbət bitirdi, daha bu barədə danışmırdılar.

Kişi elə bu hadisənin birinci günü arvadı və qızına ailənin maddi vəziyyətini və gələcək planları izah etdi. O, tez-tez masa arxasından durub beş il qabaq iflasa uğramış firmasından qalan balaca ev mücrüsünü gətirib açır, gah hansısa qəbzi, gah da qeyd dəftərçəsini çıxarırdı. Onun mürəkkəb mexanizmli kilidi necə açdığını, axtardığı şeyi tapdıqdan sonra açarı necə hərlətdiyini Qreqor çox aydın eşidirdi. Atasının izahatları Qreqorun dustaq vəziyyətinə düşdüyü vaxtdan bəri eşitdiyi qismən, ilk təsəlliverici yeniliklər idi. İndiyəcən elə bilirdi ki, həmin firmadan atasına heç nə qalmayıb, hər halda, atası bunun əksini təsdiqləmirdi, Qreqor da bu barədə soruşmurdu. O vaxt yeganə arzusu bundan ibarət idi ki, hamısını ümidsizliyə düçar etmiş bu iflası mümkün qədər tez unutdurmaq üçün əlindən gələni əsirgəməsin. Buna görə işə xüsusi ehtirasla girişmişdi, qısa müddətdə ticarət agenti olmuşdu. Əlbəttə ki, kommivoyajerin qazancı başqa idi, iş əmsalı komisyon şəklində nağd pula çevrilir, o da həmin pulu evə gətirib təəccübdən gözləri böyüyən bəxtəvər ailənin qarşısına qoyurdu.

Onda yaxşı vaxtlar idi, amma sonradan bir daha öz əvvəlki dəbdəbəsində təkrar olunmadı, halbuki Qreqor sonralar da ailəni dolandıracaq dərəcədə qazanıb onları təmin edə bilirdi. Artıq buna hamısı adət eləmişdi, ailə də, Qreqor özü də, qazancı ondan minnətdarlıqla qəbul edirdilər, o da bu pulu həvəslə verirdi, di gəl, xüsusi sevinc-filan yaranmırdı. Ona daha çox ürək qızdıran təkcə bacısı idi – Qreqordan fərqli olaraq qız əsl musiqi dəlisi idi, yaxşı skripka çalırdı və Qreqorun ürəyində gələn ildən onu konservatoriyaya düzəltmək kimi gizli bir istək peyda olmuşdu. Bunun xeyli məsrəf aparacağını və həmin xərcin yerini nəsə başqa bir şeylə doldurmaq lazım gələcəyini bilsə də, arzusunu gerçəkləşdirmək niyyətindəydi. Şəhərdə ləngidiyi qısa müddətdə bacı-qardaş arasında konservatoriya söhbəti çox tez-tez xatırlanırdı, bütün bunlar xam xəyal olmaqdan o yana keçməsə də, hətta bu məsum anmanın özü də valideynlərdə nəsə bir narazılıq doğururdu. Bununla belə, konservatoriya barədə Qreqor çox düşünüb-daşınmışdı və qəti qərara almışdı ki, Milad axşamı öz niyyətini təntənəli surətdə elan etsin.

Dikələrək qapıya söykənib söhbətlərə qulaq asdığı zaman beynində indi tamamilə faydasız olan bu cür fikirlər dolaşırdı. Bir də gördün yorulub dinləməkdən əl çəkirdi, başı qəfil sallanıb qapıya toxunurdu, amma tez də dikəlirdi, çünki onun yüngül bir şıqqıltısı da qapının o tayında dərhal eşidilir və hamını susmağa məcbur edirdi. Gözünü qapıya dikib diqqətlə marıtlayan atası qısa sükutdan sonra: “Yenə orda nə oyun çıxarır?” – deyirdi. Söhbətin ardı isə yalnız bundan sonra astadan davam etdirilirdi.

Beləliklə, Qreqor tədricən (çünki anası hər şeyi ilk dəfədən başa düşmədiyi üçün atası öz izahatlarını təkrarlamalı olurdu) tam təfərrüatı ilə öyrəndi ki, bütün bu müsibətlərə baxmayaraq, hər necə olsa, köhnə əyyamlardan ailə büdcəsində kiçik bir sərmayə saxlanılıbmış və faizinə toxunulmadığından bu illər ərzində hətta bir az artıb da. Bundan başqa, məlum oldu ki, Qreqorun hər ay evə gətirdiyi pul da – o özünə vur-tut bir neçə qulden[4 - Qulden – bir çox Qərb ölkələrinin pul vahidi; ilk dəfə XIV əsrdə Almaniyada qızıl sikkə halında (quldin – alm. qızıl deməkdir, ing. – gold), sonralar isə gümüş olaraq dövriyyəyə buraxılmışdı.] pul saxlayırdı – tam xərclənməyibmiş və onun qalığından da balaca bir sərmayə düzəlib. Qapı arxasında dayanıb belə gözlənilməz ehtiyat və qənaətə görə başını sevincək halda yellətdi, halbuki o, qənaət olunmuş bu pula atasının borclarının bir hissəsini ödəyib qulluqdan imtina edəcəyi günü əməlli-başlı yaxınlaşdıra bilərdi, amma indi belə görünürdü ki, atasının həmin vəsaiti məhz bu cür sərf etməsi, şübhəsiz, daha yaxşı imiş.

Ailənin faiz hesabına yaşaması üçün bu pullar, hər halda, çox az idi, bir ilə, uzağı iki ilə çatardı və deməli, bu pul məsrəf üçün deyil, yalnız dar gündən ötrü saxlanılmışdı, gündəlik xərclər üçünsə mütləq qazanmaq gərəkdir. Atası sağlam olsa da, qoca idi, beş ildir işləmirdi və özünə bir elə gümanı gəlmirdi, keşməkeşli, uğursuz həyatında ilk fasilə olan bu beş ildə xeyli ağırlaşmışdı. Bəlkə, astmaya tutulub təngnəfəslikdən olmazın əziyyət çəkən və bütün günü pəncərə önündəki taxtda tir kimi uzanıb qalan qoca anası pul qazanmalıydı? Yoxsa bacısı? Ancaq bacısı da axı cəmi-cümlətanı on yeddi yaşlı bir uşaqdır, indiyəcən alışdığı tərzdə yaşamağa, yaraşıqlı geyinməyə, yuxudan gec durmağa, əylənməyə, ilk növbədə də skripka çalmağa onun daha çox haqqı vardı. Qazanc zərurətindən söhbət gedərkən Qreqor həmişə qapını buraxıb özünü yaxınlıqdakı dəri üzlü soyuq divana atırdı, çünki dərddən və xəcalətdən hərarəti artırdı.

Uzun gecələrin çoxunu o, bir an belə yuxuya getmədən elə ordaca uzanıb qalır, saatlarla özünü divanın dərisinə sürtürdü, yaxud çəkdiyi zəhmətə heyifsilənmədən ağır kreslonu pəncərənin yanına sürüyürdü, oyuq yerinə dırmaşıb kresloya dayaqlanır və məhəccərə qısılaraq oradan çölə boylanırdı ki, bu da ona azadlıq duyğusu barədə yalnız acılı-şirinli xatirələr aşılayırdı.

Əslində, müəyyən uzaqlıqdakı şeyləri getdikcə daha pis görürdü; əvvəllər zəhləsi gedən üzbəüzdəki xəstəxana binası yenə gözləri önündə olsa da, Qreqor, ümumiyyətlə, daha onu seçə bilmirdi və əgər şəhərin bu sakit Şarlottenştrasse küçəsində yaşadığını dürüst bilməsəydi, öz evinin pəncərəsindən səhraya, bozumtul rəngli yerlə göyün bir-birinə qarışıb seçilməz olduğu səhraya baxdığını düşünərdi. Diqqətli bacısına otağın ortasında dayanmış kreslonun pəncərə önünə çəkildiyini cəmisi ikicə dəfə görmək kifayət elədi ki, bundan sonra içəridə yır-yığış edərkən onu hər dəfə məhəccərə yaxın yerə gətirsin. O gündən bacısı hətta pəncərənin içəri qatını da taybatay açıq qoyurdu.

Əgər Qreqor bacısıyla danışa və çəkdiyi zəhmətə görə ona təşəkkür edə bilsəydi, qızın əziyyətini qəbul etmək də asanlaşardı, amma bunu edə bilmədiyinə görə əzab çəkirdi. Düzdür, qız yaranmış vəziyyətin doğurduğu əzab-əziyyəti yüngülləşdirmək üçün əlindən gələni edir, gördüyü işlər də getdikcə daha yaxşı alınırdı, ancaq vaxt ötdükcə Qreqor da hər şeyi daha aydın başa düşürdü. Bacısının təkcə elə gəlişi Qreqor üçün dəhşət idi. Qız otağa qəti olaraq heç kəsi buraxmasa da, içəri girəndə arxasınca qapını bağlamağa vaxt sərf etmir, boğulacaqmış kimi pəncərəni taybatay açıb ən soyuq havada belə dərindən nəfəs ala-ala onun qabağında dururdu. Bu cür haray-həşirlə, tələskən hərəkətlərlə o, gündə iki dəfə Qreqorun ürəyini yerindən qoparırdı, halbuki divanın altında hiddətindən titrəyən Qreqor yaxşı dərk edirdi ki, bacısı pəncərənin bağlı olduğu vaxt onunla bir otaqda qalsaydı, canını bütün bu qorxulardan xilas etmiş olardı.

Qreqorda çevrilmə baş verən gündən artıq bir ayacan vaxt keçirdi və bu hesabla qız gərək onun görkəminə heyrətlənməyəydi. Bir dəfə bacısı otağa həmişəkindən tez gəldi və Qreqoru pəncərədən harasa baxan vəziyyətdə gördü. Hərəkətsiz durmuş Qreqorun çox əcaib görkəmi vardı. Əgər qız, ümumiyyətlə, otağa girməyib elə qapıdanca qayıtsaydı, Qreqora bu heç də təəccüblü görünməzdi, belə ki, pəncərənin önündə durmuş vəziyyətdə Qreqor bacısına pəncərələri açmağa mane olardı. Amma qız nəinki içəri girmədi, hətta tez geri sıçrayıb qapını da arxadan qıfılladı. Kənardan baxan elə zənn edərdi ki, guya Qreqor qızı güdürmüş və tutub dişləmək istəyirmiş. O, əlbəttə ki, dərhal sürünüb divanın altında gizləndi. Ancaq bacısı bir də günortaüstü, özü də ona xas olmayan nəsə narahat bir sifətdə qayıtdı. Qreqor bundan belə başa düşdü ki, bacısı hələ də onun görkəminə alışmayıb və deyəsən, heç vaxt da alışmayacaq. O hətta Qreqorun divanın altından çıxan gövdəsinin kiçik bir hissəsini görəndə də qaçmamaq üçün min bir əziyyətə qatlaşırdı.

Qızı bu zillətdən xilas etmək üçün Qreqor bir dəfə belində mələfə gətirdi. Bu işə düz dörd saat vaxt sərf etdi. Mələfəni divanın üstünə elə sərdi ki, bütünlükdə üstünü örtə bilsin, hətta qız lap əyilsə belə onu görə bilməsin. Qreqorun qənaətinə görə, əgər bacısı mələfəyə lüzum görməsəydi, onu asanlıqla yığışdırıb ata bilərdi, çünki Qreqorun ona kefindən bürünmədiyi kifayət qədər aydın idi. Ancaq bacısı nəinki mələfəyə toxunmadı, hətta Qreqor bu yeniliyin necə qarşılandığını bilmək üçün mələfənin qırağını bir balaca qaldırıb baxanda bacısının minnətdarlıq dolu baxışlarıyla da qarşılaşdı.

İlk iki həftə ərzində valideynləri özlərini ona baş çəkməyə heç cür məcbur edə bilmədilər və Qreqor indi onların qabaqlar yelbeyin saydıqları, ara-sıra üstünə çəmkirdikləri qızın hazırda gördüyü işi necə təriflədiklərini tez-tez eşidirdi. İçəridə yır-yığış edildiyi müddətdə atası da, anası da çox vaxt qapı ağzında intizarla durub gözləyir, qız çıxan kimi otağın hansı vəziyyətdə olması, Qreqorun yeyib-yeməməsi, özünü nə təhər aparması, yaxşılığa doğru dəyişib-dəyişməməsi barədə müfəssəl nəql etməyə qızı az qala məcbur edirdilər.

Qreqoru görmək arzusu anasında nisbətən daha tez oyandı, amma ilk vaxtlar atası ilə bacısı Qreqorun diqqətlə dinlədiyi və bütünlüklə bəyəndiyi ağlabatan dəlillər hesabına bu istəyi əngəlləyə bilsələr də, sonradan anasını artıq güclə saxlamaq lazım gəlirdi. “Məni bədbəxt balamın yanına buraxın! Bəyəm anlamırsınız ki, mən onu mütləq görməliyəm?!” – deyə çığıranda Qreqor düşündü ki, günaşırı da olmasa, həftədə bir dəfə anası onun yanına gəlsəydi, bu, həqiqətən, pis olmazdı. Axı ana hər şeyi bacıdan daha yaxşı başa düşərdi, bacı isə bütün mətanətinə rəğmən, hər necə olsa, uşaqdır və bəlkə, elə bu ağır yükü də məhz bir uşaq şıltaqlığı ilə öz üzərinə götürmüşdü.

Anasını görmək arzusu tezliklə yerinə yetdi. O, valideynlərinin qeydinə qalıb daha gündüzlər pəncərə önündə görünmədi. Bir neçə kvadratmetrlik döşəməni sürünmək isə elə də asan başa gəlmirdi. Hərəkətsiz uzanıb qalmaq hətta gecələr də işgəncəyə çevrilmişdi, tezliklə yeməklər də ləzzətini itirib büsbütün dadsızlaşdı və o, əylənmək üçün divarlarda, tavanda sürünməyi özünə adət elədi. Xüsusən də tavandan asılıb sallanmağı xoşlayırdı, bu, döşəmədə uzanmaq deyildi; burada daha rahat nəfəs alır, hərdən yüngülcə yellənirdi də. Yuxarıda olduğu həmin xoş və dalğın vaxtlarda ara-sıra tavandan üzülüb guppultuyla döşəməyə düşdüyünə özü də təəccüb edirdi. Amma indi o, bədənini əvvəlki qaydada deyil, tamamilə başqa cür idarə edir və hansı yüksəklikdən düşürsə-düşsün, bədəninə xətər dəymirdi.

Qreqorun özü üçün yeni əyləncə tapdığını bacısı onun süründüyü yerlərdə qalan yapışqanlı izlərdən dərhal sezdi və tez də qərara gəldi ki, bundan ötrü ona daha çox yer ayırsın, Qreqorun sürünməsinə mane olan mebeli, ilk növbədə, sandığı və yazı masasını otaqdan çıxartsın. Amma bu, tək adamın bacaracağı bir iş deyildi. Atanı köməyə çağırmağa ürək eləmədi, qulluqçudan nəsə ummaq da faydasız idi. Köhnə qulluqçudan sonra onun yerinə gələn on altı yaşlı qızcığaz işdən boyun qaçırtmasa da, mətbəxin qapısını bağlı saxlamağa, onu yalnız xüsusi çağırışla açmağa icazə istəmişdi. Ona görə ata evdə olmadığı vaxt ananı bura gətirməkdən başqa çarə yox idi. Ana Qreqorun yanına ürəyi həyəcan və sevincdən atlana-atlana yollandı, amma qapıya çatanda sustalıb qaldı. Qreta, əlbəttə ki, əvvəl otağın qaydada olub-olmadığını yoxlayıb anasını yalnız bundan sonra içəri buraxdı. Qreqor mələfəni olmazın bir tələskənliklə xışmalayıb əzişdirdi və onu bir az da başına çəkdi. Kənardan elə görünürdü ki, guya mələfə divanın üstünə sırf təsadüfən atılıb. Bu dəfə mələfənin altından başını çıxarıb oğrunca baxmadı, anasını görmək imkanından budəfəlik imtina etsə də, onun, nəhayət ki, gəlib çıxmasına ürəkdən sevindi.

– Gəl, o görsənmir, – deyə Qreta anasının əlindən yapışıb onu içəri apardı.

Qreqor bu zəif və çəlimsiz qadınların köhnə, ağır sandığı yerindən tərpətməyə necə cidd-cəhdlə çalışdıqlarını eşidirdi. Qız onun gücə düşəcəyindən ehtiyatlanan anasının məsləhətlərini bir ucdan qulaqardına vurub işin ən ağırından yapışırdı. İş isə çox uzun çəkdi. Təxminən on beş dəqiqə əlləşdikdən sonra ana bildirdi ki, yaxşısı budur, qoy sandıq elə öz əvvəlki yerində dursun, çünki bir yandan o çox ağırdır və ata gəlib çıxmayınca ikilikdə bu işin öhdəsindən gələ bilməzlər. Həm də sandıq otağın ortasında qalsa, Qreqorun yolu kəsilmiş olacaq. Digər tərəfdən hələ bilmək olmazdı ki, mebelin çıxarılması Qreqora xoş gələcəkdi, ya yox. Ananın fikrincə, xoş gəlməyəcəkdi, çünki əgər bu quru divarlar özünün ürəyini sıxırsa, necə ola bilərdi ki, Qreqoru dilxor etməsin? Axı hər necə olsa, Qreqor bu mebelə alışıb… Mebelsiz boş otaqda isə özünü büsbütün atılmış və unudulmuş sana bilərdi.

Ana xeyli astadan, az qala pıçıltıyla danışırdı, sanki heç vəchlə istəmirdi ki, yerini bilmədiyi Qreqor onun səsini eşitsin. Oğlunun söz anlamadığına isə ananın heç bir şübhəsi yox idi. Axırda fikrini bu cür tamamladı:

– Bəyəm biz mebeli yığışdırmaqla vəziyyətin yaxşılaşacağına olan ümidimizi itirdiyimizi, onu qəddarcasına öz ixtiyarına buraxdığımızı, ondan əlimizi üzdüyümüzü göstərmirikmi? Mən biləni, çalışmaq lazımdır ki, otaq elə olduğu kimi qalsın, Qreqor öz əvvəlki halına qayıdarkən içəridə heç bir dəyişiklik görməsin, olub-keçəni də tez unutsun.

Bu sözləri eşidən Qreqor düşündü ki, görünür, yeknəsəq həyat tərzi keçirdiyi ailə daxilində adamlarla bilavasitə ünsiyyəti olmadığından bu iki ayda ağlı xeyli dumanlanıb, çünki içində qəfil peyda olan boş otağa qapılıb qalma ehtiyacının nə səbəbdən əmələ gəlməsinə başqa izah tapa bilmirdi. Yəni o, doğrudanmı, dədə-babadan qalma mebellərlə bəzədilmiş öz isti və rahat otağını mağaraya döndərmək istəyirdi? Boş otaqda heç bir əngəl olmadan dörd bir yana sürünmək imkanı qazansa da, axı bunun müqabilində o öz insani keçmişini büsbütün unutmalı olacaqdı…

Əslində, elə indi də bu vəziyyətə yaxın idi, yalnız anasının çoxdan eşitmədiyi səsi sanki onu azacıq tərpədib oyatmışdı. Yox, otaqdan heç nəyi çıxartmaq lazım deyil, hər şey öz yerində qalmalıdır; onun hazırkı vəziyyəti üçün zəruri olan mebelin xoş təsirinə də ehtiyac vardı, lap əgər oyan-buyana mənasızcasına sürünməsinə mane olurdusa da, yenə bu mebel onun zərərinə yox, xeyrinə idi.

Lakin çox heyif ki, Qreqora aid məsələlər müzakirə edilərkən bir mütəxəssis kimi valideynlərinin ziddinə getməyə alışmış bacısı – bu da əsassız deyildi – ayrı fikirdə idi və indi də anasının məsləhətini əldə bəhanə edib onsuz keçinilməsi mümkün olmayan divandan başqa yerdə qalan bütün mebelin çıxarılmasında israr etdi. Əlbəttə, bu tələb bacısının təkcə uşaq inadından, yaxud onun son vaxtlar belə qəfildən və çətinliklər bahasına əldə etdiyi özünəinamdan doğmamışdı. Yox, qız, həqiqətən, görürdü ki, hərəkət üçün Qreqora daha çox yer lazımdır, mebeldən isə Qreqor onsuz da istifadə etmirdi. Lakin bəlkə də, bacısında yaşıdı olan qızlara xas bir xəyal çılğınlığı yaranmışdı, elə bir xəyal ki meydana çıxmağa, özünü göstərməyə həmişə bir fürsət gəzir və indi də Qreqora bu vaxtacan olduğundan daha artıq xidmət göstərmək üçün gerçək durumu daha qorxunc, daha vahiməli etməyə qızı, sadəcə, sövq edirdi. Çətin ki təkcə Qreqordan və quru divarlardan ibarət olacaq mənzilin kandarından içəri adlamağa Qretadan başqa bir kimsə cəsarət edəydi.

Elə bu səbəbdən bacısı anasının sözünü qəribçiliyə saldı, bu otağa girəndən nəsə tərəddüd və həyəcan keçirən ana da tezliklə ağzını yummalı oldu və sandığı çölə dartan qızına imkanı daxilində kömək etməyə girişdi. Bəd ayaqda Qreqor sandıqsız, bəlkə də, keçinə bilərdi, amma yazı masası hökmən qalmalıydı. Odur ki anası ilə bacısı ləhləyə-ləhləyə sürüdükləri sandıqla birgə otağı tərk edən kimi o çox ehmallıca və bu işə mümkün qədər nəzakətlə müdaxilə etmək niyyəti ilə başını divanın altından çıxartdı. Di gəl ki, tərslikdən otağa birinci anası qayıtdı. Qonşu otaqda tək qalan Qreta hər iki əliylə sandıqdan bərk-bərk yapışıb ha əlləşsə də, onu yerindən tərpədə bilmirdi. Anası isə Qreqorun görkəminə alışmamışdı, onu görəndə hətta diksinib xəstələnə bilərdi. Bunu dərk edən Qreqor təlaş içində divanın o biri başında gizləndi və bu vaxt ön tərəfdən sallanan mələfə yüngülcə tərpəndi. Amma anasının diqqətini cəlb etmək üçün elə bu da tam yetərliydi. Qadın ayaq saxladı, bir az gözləyib sonra Qretanın yanına qayıtdı.

Qreqor özünü zorla inandırmağa çalışırdı ki, bəs məxsusi bir hadisə-filan baş vermir, sadəcə, otaqda hansısa mebelin yerini dəyişirlər, di gəl, pıçapıçla danışan qadınların var-gəli, döşəmə uzunu sürünən əşyaların cırıltısı – bütün bunlar hər şeyə hakim kəsilən, hər şeyi caynağına keçirən sonsuz mərəkə kimi görünürdü və o da başını sinəsinə, ayaqlarını gövdəsinə qısıb, gövdəsini də döşəməyə bərk-bərk sıxmış halda öz aləmində etiraf etməyə məcbur oldu ki, bu həngaməyə çox dözə bilməz. Onlar onun otağını boşaldır, Qreqora doğma olan bütün şeyləri əlindən alırdılar; alətlərini yığdığı, o cümlədən içində naxışkəsən mişarını saxladığı sandığı çoxdan aparmışdılar, indi də artıq parketdə iz salmış yazı masasını eşiyə dartırdılar. Bu masanın arxasında o həm ticarət məktəbində, həm realni məktəbdə, hətta hələ vaxtilə xalq məktəbində oxuyarkən dərslərini hazırlamışdı; – yox, qadınların nəcib niyyətləri üzərində baş sındırmaq vaxtı deyildi və Qreqor az qala onların mövcudluqlarını da unutmuşdu, çünki bərk yorulduqlarından qadınlar indi artıq tamamilə səssiz-səmirsiz işləyirdilər, heç cınqırları da çıxmırdı, yalnız ağırlaşmış ayaqlarının səsi eşidilirdi.

Odur ki Qreqor sıçrayıb divanın altından çıxdı. Bu vaxt qadınlar qonşu otaqda idilər; yazı masasına söykənib nəfəslərini dərirdilər. İçəridəki əşyalardan ilk növbədə hansını qorumaq lazım olduğunu heç özü də dürüst bilmədiyindən gah o, gah da bu tərəfə sürünə-sürünə istiqamətini düz dörd dəfə dəyişdi, çılpaq divarda indi diqqəti daha tez cəlb edən xəz şlyapalı, xəz yaxalıqlı qadın portretini görüb tez-tələsik ora dırmaşdı, üzərinə sarıldığı şüşədən qarnına xoş sərinlik dəydi. Ən azından güman edirdi ki, gövdəsiylə üstünü örtdüyü və tamamilə görünməz etdiyi portreti heç kəs onun əlindən almaz. Başını qonaq otağının qapısına tərəf çevirdi ki, geri qayıdarkən qadınları görə bilsin. Anası ilə bacısının dincəlməsi çox çəkmədi, tez qayıtdılar. Qreta bir əliylə anasını qucaqlayıb onu az qala qolu üstündə gətirirdi.

– İndi nəyi aparaq? – deyə qız künc-bucağa göz gəzdirdi və elə bu vaxt nəzərləri divardan asılan Qreqorun baxışlarıyla toqquşdu. Görünür, anasının yaxında olması səbəbindən soyuqqanlı davranan Qreta onun geri qanrılmasına mane olmaq üçün tez irəli əyildi və uçuna-uçuna elə ağlına gələn ilk cümləni dedi:

– Bəlkə, bir dəqiqəliyə qonaq otağına qayıdaq?

Qretanın niyyəti Qreqora aydın idi – qız anasını təhlükəsiz bir yerə aparmaq, sonra da Qreqoru divardan qovub düşürtmək istəyirdi. Neynək, qoy sınaqdan keçirtsin! Qreqor onsuz da çıxıb şəklin üstündə oturmuşdu və onu əldən verən deyildi. Portreti verməkdənsə, cumub Qretanın sifətindən yapışardı.

Ancaq ananı təşvişə salan da elə Qretanın sözləri oldu. O, bir az qırağa çəkildi, ala-bəzək divar kağızının üzərində yepyekə qonur ləkəni görəndə isə hələ bunun Qreqor olduğu ağlına batmamış qulaqbatırıcı bir civiltiylə: “Aman, yarəbbim!” – deyə çığırdı, taqətsiz qolları yana açılmış halda divanın üstünə yıxılıb elə düşdüyü yerdəcə donub-qaldı.

– Ey, Qreqor! – deyə bacısı yumruğunu havaya qaldırdı və gözlərini bərəldərək qışqırdı. Bu, çevrilmədən bəri ona xitabən deyilən ilk söz idi.

Anasını özünə gətirmək üçün Qreta dərman dalınca yan otağa yüyürəndə Qreqor da ona yardım etmək istədi, – portreti xilas etməyə hələ vaxt vardı, – intəhası şüşəyə yaman bərk yapışmışdı və ondan güclə qopa bildi, qopan kimi də dərhal yan otağa tələsdi, sanki qabaqlar olduğu kimi indi də bacısına nəsə bir məsləhət verə bilərdi. Ancaq qızın arxasında boş-bikar durmaqdan özgə bir işə yaramadı. Bacısı isə müxtəlif cür dərman şüşələri götürüb geri qanrılanda bərk qorxdu, şüşənin biri əlindən yerə düşüb sındı və şüşə qırığı Qreqorun sifətini əməlli-başlı yaraladı, üstünə də yandırıcı dərman damcıları çiləndi.

Qreta ovucları tutduğu qədər dərman şüşəsi götürüb anasının yanına şığıdı, çıxanda da ayağıyla qapını daldan çırpıb örtdü.

İndi Qreqor üçün anasına tərəf gedən yol kəsilmişdi, halbuki dirigözlü ölümün caynağına anası elə onun ucbatından keçmişdi. Əgər o, bacısını otaqdan qovmaq istəmirdisə, onda gərək qapını açmayaydı, qız da gərək huşunu itirmiş anasının yanında olaydı. Gözləməkdən savayı daha indi onun ayrı heç bir çarəsi qalmamışdı və o da təlaş içərisində, peşmancasına, dilxorcasına sürünə-sürünə hər yeri – mebelləri, divarları, tavanı bircə-bircə dolaşıb axırda bütün ev başına fırlananda tam ümidsiz halda iri masanın tən ortasına düşdü.

Bir neçə saniyə ötüb-keçdi. Qreqor taqətsiz halda masanın üstündə sərilib qalmışdı, ətrafda tam sakitlik idi, bu, yəqin ki, yaxşı əlamət idi. Birdən qapının zəngi çalındı. Qulluqçu mətbəxə bağlanıb qaldığından qapını Qreta açmalı oldu. Gələn atası idi.

– Nə olub? – kişinin ilk sözü bu oldu, görünür, Qretanın görkəmi ona hər şeyi sözsüz anlatmışdı.

– Anamın ürəyi getmişdi, indi babatdır, – deyə cavab verən Qretanın səsi boğuq çıxdı, çox güman ki, üzünü atasının sinəsinə sıxıb danışırdı. – Qreqor yuvasından çıxıb.

– Mən bunu gözləyirdim, axı həmişə deyirdim, amma siz qadınlar heç kəsə qulaq asmırsınız.

Qretanın beş-üç kəlməlik məlumatını atasının yanlış anladığını Qreqor dərhal kəsdirdi – qızın sözlərindən belə çıxmışdı ki, guya Qreqor zor işlədib. Buna görə o, indi atasını hər necəsə birtəhər yumşaltmağa cəhd etməliydi, çünki işin, həqiqətən, nə yerdə olduğunu ona izah etmək üçün Qreqorun nə vaxtı vardı, nə də imkanı. Odur ki tez cumub öz otağının qapısına qısıldı ki, atası onun qeyd-şərtsiz öz yerinə qayıtmağa hazır dayandığını elə içəri girən kimi görsün, həm də baxsın ki, heç onu geri qaytarmağa da lüzum yoxdur, sadəcə, qapını aralamaq yetər ki, Qreqor göz qırpımında içəri keçib yoxa çıxsın.

Lakin atası belə incəlikləri görmək ovqatında deyildi. O, içəri girən kimi “bah” elədi, söz ağzından elə bir ahənglə çıxdı ki, sanki eyni vaxtda həm acıqlı, həm şad idi. Qreqor başını qapıdan aralayıb atasına doğru uzatdı. Kişini o heç zaman indi gördüyü kimi təsəvvür etməmişdi. Doğrudur, son vaxtlar otağın hər yerində, hər bucağında sürünməyə başlamış Qreqor evdə baş verənlərə qabaqkı diqqəti yetirmirdi, ona görə də hər hansı dəyişikliyə təəccüblənmək üçün əsası yox idi. Ancaq bütün bunlara baxmayaraq – lap hər necə də olsa! – yəni o, doğrudanmı, qarşısında öz atasını görürdü? Yəni doğrudanmı, bu adam, bir qayda olaraq, Qreqor işgüzar səfərlərə çıxarkən həmişə yorğun-üzgün halda öz yatağına uzanıb bərk-bərk yorğana bürünən, kreslodan qalxmağa iqtidarı çatmadığından səfərdən qayıdan oğlunu gecə xalatında qarşılayıb sevincini əlinin yüngül tərpənişiylə bildirən, birgə gəzintiyə çıxdıqları tək-tük hallarda – bazar günləri, yaxud bayramlarda – əlində əsa, yaxası kip düymələnmiş köhnə paltoda Qreqorla anasının arasında yavaş addımlarla yeriyən, – kişiyə görə elə onlar özləri də asta yeriyirdilər, – bir söz demək istəyəndə öz müşayiətçilərini başına cəmləmək üçün hökmən ayaq saxlayan həmin adamdır?! İndi o çox əzəmətliydi: əynində bank ayaqçılarının geydiyi qızıl düyməli göy mundir, dik yaxalığın kənarlarından sallanan yağlı-piyli buxaq, qalın qaşların altından iti nəzərlərlə baxan zil qara gözlər, səliqə ilə yana daranan yağlanmış ağ saçlar. Hə, atası üstündə hansısa bankın qızılı monoqramı olan furajkasını bütün otaq boyunca fırladıb divanın üstünə vızıldatdı, əllərini şalvarın cibinə şəstlə soxduğundan uzun mundirin ətəkləri dala dartıldı, hiddətindən qaralıb tanınmaz hala düşmüş bir sifətlə Qreqorun üstünə yeridi. Görünür, neyləyəcəyini heç özü də bilmirdi, amma ayağını çox hündürə qaldırmışdı və kişinin çəkməaltısının belə iriliyi Qreqoru əməlli-başlı heyrətə salmışdı.

İntəhası Qreqor da ləngimədi, çünki yeni həyatın elə ilk günündən bilirdi ki, onunla son dərəcə sərt davranmağı atası yolun ən düzgünü sayır, odur ki irəli-geri qaçaraq atası dayananda dayanır, o tərpənən kimi özünü qabağa atırdı. Otaqda boş-boşuna bir-iki dövrə vurdular, amma ləng tərpəndiklərindən bu, əsla təqibə, qaçdı-tutduya oxşamırdı. Qreqor hələ ki yalnız döşəmədə sürünürdü, divara, yaxud tavana dırmaşmağın ataya hörmətsizlik kimi başa düşülməsindən qorxurdu. Amma onu da hiss edirdi ki, bu cür qaçışa çox tab gətirə bilməz. Atası bir addım atanda Qreqora yüz cür hərəkət etmək lazım gəlirdi, təngnəfəslik getdikcə şiddətlənirdi, ciyərlərinə isə heç əvvəllər də çox bel bağlamırdı. O, tam ümidsizlik içində ayrı heç bir xilas yolu barədə düşünmürdü, künc-bucağına əcaib naxışlı, girintili-çıxıntılı mebellər düzülən divarlardan yararlanmağı isə büsbütün unutmuşdu. Birdən, Qreqor ayaqlarını güclə sürüyüb bəbəklərini zorla qaldıraraq aradan çıxmaq üçün var qüvvəsini toplamağa çalışdığı vaxt, yuxarıdan atılan nəsə bir şey düz böyrünə düşdü və dığırlanıb getdi. Bu, alma idi. Birincinin ardınca dərhal ikinci də gəldi. Qreqor dəhşət içində duruxub qalmışdı, qaçmaq artıq mənasız iş idi, çünki atası onu alma atəşinə hədəf etmək qərarı vermişdi. Bufetin üstündəki meyvəqabından almaları götürüb cibinə doldurmuşdu və indi bir-bir çıxarıb necə gəldi ona tərəf atırdı. Balaca, qırmızı almalar maqnitlənmiş kimi bir-birinə dəyə-dəyə döşəmə boyunca dığırlanıb gedirdi. Almanın biri belinə yüngülcə toxunsa da, xətər yetirmədi, dərhal atılan o biri alma isə kürəyində ilişib qaldı. Sürünüb uzaqlaşmaq istədi, sanki yerini dəyişməklə bu qəfil ürcah olduğu dözülməz ağrıdan xilas olacaqdı. Ancaq özünü döşəməyə mıxlanmış kimi hiss etdi və huşsuz halda yerə sərələnib qaldı. Yalnız onu görüb-eşitməyə macal tapdı ki, otağının qapısı taybatay açıldı, alt köynəyində olan anası arxadan nəsə çığıran bacısını qabaqlayaraq bayıra şığıdı, görünür, qəşş edəndə rahat nəfəs alması üçün qız onu soyundurubmuş. İndi ərinə tərəf qaçarkən yubkaları bir-bir sürüşüb əynindən düşürdü və ayaqları tumanına dolaşa-dolaşa özünü yetirib kişinin ağuşuna atıldı, ona bərk-bərk sarılıb peysərindən yapışdı, yalvardı ki, Qreqora dəyməsin, onu vurub öldürməsin, Qreqor isə bu zaman artıq heç nə görmürdü.


III

Qreqora bir aydan da artıq əziyyət verən həmin o ağır yara (almanı çıxartmağa heç kəs ürək eləmirdi; o da əyani nişanə kimi eləcə onun kürəyində ilişib qalmışdı), deyəsən, hətta atasına da xatırlatdı ki, indiki acınacaqlı və iyrənc görkəminə baxmayaraq, Qreqor, hər necə olsa, bu ailənin üzvüdür və onunla düşmən kimi rəftar etmək olmaz, ən azı ailə şərəfi naminə ikrah hissini boğub dözmək, yalnız dözmək lazımdır.

Qreqor yaranın ucbatından əvvəlki çevikliyini həmişəlik itirsə də və şikəst qocalar sayağı indi otağın bu başından o başına getmək – divarlara dırmaşmaqdan, ya tavanda sürünməkdən heç söhbət gedə bilməzdi – ona uzun, çox uzun dəqiqələr bahasına başa gəlsə də, əvəzində vəziyyətinin bu cür pisləşməsi müqabilində, onun fikrincə, əməlli-başlı mükafatlandırılmışdı; Axşamlar yan otağın qapısı daim açıq saxlanılırdı, o da qapının açılmasına düz iki saat qalmış durub gözləyirdi, öz otağının qonaq otağından görünməyən qaranlıq bir yerinə uzanıb gur işıqlı masa arxasında əyləşən doğmalarını seyr edir, əvvəlki vaxtlardan fərqli olaraq, necə deyərlər, ümumi razılıq əsasında onların söhbətinə qulaq asa bilirdi.

Əlbəttə, bu, Qreqorun qabaqlar yorğun-arğın halda darısqal mehmanxana otaqlarının nəm-nimdaş yatağına uzanıb haqqında düşündüyü qızğın söhbətlərdən deyildi. Evdə çox vaxt əsl sakitlik hökm sürürdü. Şam yeməyindən az sonra atası öz kreslosunda yuxuya gedir, o birilər də çalışırdı bu sükutu pozmasın. İkiqat bükülüb işığa doğru əyilən anası hazır geyim mağazası üçün alt paltarı tikirdi, mağazaya satıcı vəzifəsinə düzələn bacısı isə nə vaxtsa daha yaxşı iş tapacağı ümidiylə axşamlar stenoqrafiya və fransız dili öyrənməklə məşğul olurdu. Yuxulamasından xəbər tutmayan kişi hərdən gözünü açıb arvadına: “Sən bu gün yenə nə çox tikirsən”, – deyib dərhal da təzədən yuxuya gedir, ana ilə bacı da bir-birinə baxıb yorğun-yorğun gülümsəyirdilər.

Kişi höcətliyinə salıb iş formasını evdə də əynindən çıxartmırdı; xalat asqıdan boşuna asılıb qalsa da, o, iş paltarında oturub mürgü döyür, qulluğa tam hazır vəziyyətdə, sanki hər an öz rəisinin çağırışını gözləyirdi. Bu səbəbdən onsuz da nimdaş olan forma, arvadı və qızının səylərinə baxmayaraq, şux görkəmini tamam itirmişdi. Üstündəki ləkələrdən rəngi seçilməyən, yalnız düymələri daim parıldayan və qocanın narahat da olsa, sakit yatdığı bu paltara Qreqor bəzən bütün axşam ərzində tamaşa edirdi.

Saat onu vuranda arvad kişini ehmalca yuxudan oyatmağa və yataqda uzanması üçün dilə tutmağa çalışırdı, çünki o, səhər saat altıda işə gedirdi, rahat yuxuya ehtiyacı vardı, bu yuxu isə kresloda mümkün deyildi. Ayaqçılığa başlayan gündən tutulmuş olduğu höcətlik mərəzi ucbatından o, adətən, mürgü döyə-döyə oturduğu masanın arxasından heç vaxt özxoşuna qalxmır, onu yalnız çətinliklə yola gətirib yatağa aparandan sonra təzədən yuxuya gedirdi. Arvadı ilə qızı nə qədər çənə döysələr də, azından on beş dəqiqə ərzində o, gözlərini açmadan elə oturduğu yerdəcə ağır-ağır başını bulayırdı, qolundan yapışıb ehmalca darta-darta qulağına nəvazişli sözlər pıçıldayan anasına kömək etmək üçün Qreta da öz işindən ayrılmalı olur, amma bu da kresloda yerini rahatlayan qocaya təsir etmirdi. Yalnız qadınlar qoltuğuna girib onu ayağa qaldırandan sonra o, gözlərini açıb növbə ilə gah qızına, gah da arvadına baxır, acı-acı gileylənirdi: “Budur mənim həyatım. Budur mənim qoca vaxtımda rahatlığım”. Vücuduna gücü çatmırmış kimi qadınlara dayaqlanıb onların köməyi ilə ağır-ağır ayağa qalxır, qapıya çatanacan bu cür gedib qapıya çatanda başı ilə işarə edirdi ki, bəs qadınlar daha geri qayıtsınlar, sonra da özü təkbaşına getməyə üz qoyurdu, amma yenə də arvad öz tikişini, Qreta da qələmini bir kənara qoyub atasının köməyinə tələsir, onu ehmalca yatağa uzadırdılar.

İş-gücün yorub taqətdən saldığı bu üzgün ailədə kimin macalı vardı ki, Qreqora gərək olduğundan artıq vaxt ayırsın? Məsrəfləri getdikcə azaltmalı olurdular, axırda qulluqçunu da işdən çıxartdılar, indi yalnız səhərlər və axşamüstü evin ən ağır işlərini görməyə ağ, pırpızsaçlı, yekəpər bir arvad gəlirdi. Özünün ağır tikiş işiylə bahəm yerdə qalan bütün işləri ana görürdü. Ailə hətta ana ilə bacının qabaqlar şənliklərə, təntənəli mərasimlərə böyük həvəslə taxdıqları qiymətli daş-qaşı da satmağa məcbur olmuşdu. Qreqor bunu həmin əşyaların neçəyə satılması barədə axşamlar aparılan söhbətlərdən bilirdi. Ən çox ona təəssüflənirdilər ki, indiki durumlarına görə xeyli böyük olan bu mənzili buraxıb getmək mümkün deyildi, çünki Qreqoru necə aparmaq məsələsi hələ həll olunmamışdı. Amma Qreqor yaxşı başa düşürdü ki, ayrı mənzilə köçməyə mane olan şey təkcə onun mövcudluğuyla bağlı deyil, onu nəfəslik qoyulmuş hər hansı qutuda asanlıqla aparmaq olardı. Mənzili dəyişməməyin başlıca səbəbi tam ümidsizliklə – onlara heç bir qohum-tanışın başına gəlməyən bir müsibətin üz verməsiylə əlaqədar idi. Ailə dünyanın yoxsul bəndələrdən tələb etdiyi hər şeyi edirdi: ata kiçik bank xidmətçilərinə səhər yeməyi daşımaqla, ana özgələrə alt paltarı tikməklə özünü üzür, piştaxta dalında dayanan bacı isə alıcıların hər cür şıltaqlığına dözməli olurdu – daha bundan artığına gücləri çatmırdı.

Kişini yatırandan sonra yenidən qonaq otağına qayıdan qadınlar işə başlamazdan öncə yan-yana oturub üzlərini bir-birinə söykəyəndə Qreqorun belindəki ağrı hər dəfə təzədən şiddətlənirdi; anası onun otağına işarə edib: “Ört o qapını, Qreta”, – deyirdi və Qreqor yenə qaranlıqda qalırdı. Qadınlar isə divarın o üzündə səssizcə ağlayır, ya da gözlərini bir nöqtəyə zilləyib dinməzcə otururdular.

Qreqor gecəni də, gündüzü də, demək olar ki, tam yuxusuz keçirir, hərdən ümidlə düşünürdü ki, bax elə indicə qapılar taybatay açılacaq və o, əvvəlki əyyamlarda olduğu kimi yenidən ailənin bütün qayğılarını öz əlinə alacaq. Uzun fasilədən sonra yenə onun xəyalında sahibkar və müdir, tanış kommivoyajerlər və şagird-uşaqlar, səfeh dalandar və başqa firmadan olan iki-üç dostu, bir əyalət mehmanxanasının qulluqçusu və ciddi niyyətlə xeyli müddət nazını çəkdiyi şlyapa mağazasının kassiri – şirin və ötəri xatirələr – canlandı. Yaddaşında bir-birinin ardınca peyda olan bu yad və unudulmuş adamlar ona və ailəsinə kömək etmək əvəzinə, nədənsə hamısı bir nəfər kimi çox ötkəm görünürdülər və yaddaşından çəkilib gedəndə Qreqor buna hətta sevinirdi də. Sonra isə o, ailə qayğısı çəkmək həvəsini təzədən itirir, ona pis baxdıqlarını fikirləşib hiddətlənir, nə yemək istədiyini heç özü də dürüst bilmədiyi halda, xəyalından ərzaq anbarına soxulmaq keçir, aclığı olmasa da, payına düşən hər şeyi qamarlamağı düşünürdü.

Artıq Qreqorun könlünü nə iləsə ovutmağın qeydinə qalmayan bacısı səhərlər və öylə vaxtı mağazaya qaçmazdan qabaq hansısa qidanı elə ayağıylaca qapıdan içəri itələyir, axşamlarsa yeməyə toxunulub-toxunulmadığına heç fikir də vermədən – Qreqor çox vaxt yeməyə toxunmurdu – bir dəfə süpürgə çəkməklə yığışdırıb atırdı. Otağın yır-yığışıyla indi yalnız axşamlar məşğul olan bacısı öz işini tələm-tələsik görür, başdansovdu eləyib çıxırdı; divarlar boyunca çirkli zolaqlar uzanıb gedirdi, hər tərəf toz-torpaq və çirkab içində idi. İlk vaxtlar bacısı içəri girəndə Qreqor özünü zir-zibilin qalaqlandığı küncə verir, bununla da öz aləmində bacısını natəmizliyə görə, bir növ, məzəmmət edirdi. Amma lap əgər orada həftələrlə qaxılıb qalsaydı da, xeyri yox idi – bacısı düzələn deyildi, çünki zibil qalağını özü də çox yaxşıca görürdü, sadəcə, belə qərara gəlmişdi ki, əl dəyməsin. Üstəlik də, Qreta qabaqlar ona əsla xas olmayan, indi isə ümumən bütün ailəyə sirayət etmiş bir dəymədüşərliklə fikir verirdi ki, Qreqorun yuvasına özgə kimsə ayaq basmasın, otağın yığışdırılması təkcə onun işi olsun.

Bir dəfə anası əl-qolunu çırmalayıb işə girişmişdi, otaqda yır-yığışa başlayıb bir neçə vedrə su işlətmişdi – suyun bol işlədilməsi, əslində, heç Qreqoru da açmamışdı, incik halda divana sərilib tərpənməmişdi və buna görə cəzasını almışdı, axşam otaqdakı dəyişikliyi görən kimi bacısı bərk sarsılaraq təpədən-dırnağa təhqir olunmuş halda dərhal qonaq otağına cummuş, anasının yalvar-yaxarına məhəl qoymadan ucadan hönkürmüşdü. Vahimə içində kreslodan dik qalxan atası da, elə anası da onu bir xeyli müddət heyrətlə süzəndən sonra əməlli-başlı əl-ayağa düşmüşdülər – sağ tərəfdən ata məzəmmətə keçmişdi ki, bəs axı, həqiqətən də, ana niyə bu işi qızın öhdəsinə buraxmayıb; sol tərəfdən də, əksinə, Qreta dil boğaza qoymadan çığırmışdı ki, indən belə bu iş daha heç vaxt ona tapşırılmayacaq. Bu arada arvad ərini yataq otağına çəkmək istəsə də, bir şey çıxmamışdı, kişi həyəcandan özünü heç cür ələ ala bilmir, hıçqırıqdan titrəyən Qreta isə balaca yumruqlarıyla masanı döyəcləyirdi. Bu vaxt hikkəsindən Qreqor da bərkdən fısıldayırdı, çünki qapını örtmək və bu həngamədən onun canını qurtarmaq heç kəsin ağlına gəlməmişdi.

Lakin Qreqora əvvəlki qayğını göstərmək qulluğunun yorub əldən saldığı bacını təngə gətirəndə də ananın onu əvəzləməsinə lüzum yaranmadı; intəhası Qreqor baxımsız da qalmadı, – qayğı növbəsi indi də qulluqçuya çatmışdı, – bütün həyatı boyu öz güclü çiyinlərində xeyli dərd-kədər yükü daşımış bu yaşlı, dul qadın, əslində, Qreqora ikrahla baxmır, heç də ondan iyrənmirdi.

Bir dəfə qulluqçu qadın tam təsadüfən otağın qapısını açanda Qreqoru görmüş, qapının qəfil açılışına bəndmiş kimi, heç kəs qovmasa da, döşəmə uzunu qaçan bu əcaib məxluqa əllərini qarnı üstündə çarpazlayaraq təəccüblə, bir xeyli durub tamaşa eləmişdi. O gündən bəri arvad hər səhər-axşam burdan keçərkən qapının bir tayını açıb mütləq ona göz yetirir, əvvəllər onu hətta yanına da çağırırdı: “Bura gəl, ay peyin qurdu!”, yaxud: “Görəsən, bizim balaca böcəyimiz haradadır?” Qreqor arvada cavab vermir, heç yerindən də tərpənmirdi, – sanki qapı heç açılmamışdı, – düşünürdü ki, kefinə düşəndə onu boş yerə narahat etməkdənsə, kaş bu arvada onun otağını hər gün sahmana salmaq tapşırılaydı!

Bir dəfə sübh obaşdan – həmin gün baharın yaxınlaşmasından xəbər verən leysan yağış pəncərəni aramsız döyəcləyirdi, – arvad öz adəti üzrə çərənləməyə başlayanda Qreqor elə qəzəbləndi ki, hücuma hazırlaşırmış kimi ağır-ağır, lakin inamsızlıqla ona tərəf döndü. Amma qadın bir tikə də qorxub-eləmədi, əl atıb qapının girəcəyindəki stulu götürdü, onu başının üstünə qaldırıb ağzını da aça bildikcə geniş açdı. Məsələ aydındır: deyəsən, arvad stulu onun kürəyinə endirməyincə ağzını yummaq fikrində deyildi. Qreqor üzünü döndərəndən sonra:

– Deməli, bununla qurtardıq da? – deyib stulu ehmalca öz əvvəlki yerinə qoymuşdu.

Qreqor, demək olar ki, daha heç nə yemirdi, yalnız arabir, ondan ötrü qoyulmuş hansısa yeməli şeyin böyründən təsadüfən ötüb-keçərkən əyləncə xatirinə bir tikə qoparıb ağzına atır, bir neçə saat saxlayandan sonra tüpürüb atırdı. Əvvəl düşünürdü ki, yəqin, iştahını pozan otağın görkəmidir, halbuki otaqdakı dəyişikliklə çox tez barışmışdı. Gərəksiz əşyaları gətirib bu otağa yığmaq artıq bir adət halını almışdı. Belə lazımsız şeylər isə indi lap çox idi, çünki otaqların biri üç nəfər kirayənişinə verilmişdi və bu zabitəli şəxslər də – Qreqor hər üçünün cod saqqalını qapı arasından görmüşdü – evdə pedantcasına qayda-qanun yaratmaq istəyirdilər, özü də bura köçəndən bu qaydanı tək öz otaqlarında deyil, bütün mənzildə, ələlxüsus mətbəxdə tələb edirdilər. Cır-cındırı, köhnə-kürüşü əsla görən gözləri yox idi, hələ qaldı ki, bu şeylər çirkin-pasın içində ola. Bundan başqa, istifadə üçün özləri də bir yığın mebel gətirdiklərindən evdə gərəksiz əşyaların sayı xeyli artmışdı. Bu əşyalara heç kim pul verməzdi, tullamağa da heyifləri gəlirdi – nə satılasıydı, nə atılası, hamısını gətirib Qreqorun otağına təpişdirirdilər. İri dibçək qabını da, elə mətbəxdəki zibil yeşiyini də sürüyüb bura atmışdılar. Həmişə harasa tələsən qulluqçu arvad da müvəqqəti işlənməyən şeyləri elə bir ucdan gətirib bura yığır, qapını açıb içəri vızıldadırdı. Xoşbəxtlikdən Qreqor yalnız içəri atılan əşyaları, bir də atan əlləri görürdü. Bəlkə, haçansa macal tapanda arvad bu şeyləri yerbəyer edəcək, ya da hamısını biryolluq yığışdırıb atacaqdı, amma hələlik hamısı onun otağında idi və elə atıldıqları yerdə də qalmışdı. Düzdür, hərdən bu köhnə-kürüşün arasından keçərkən Qreqor hansınısa yerindən bir az tərpədirdi. Əvvəllər bunu öz istəyindən asılı olmadan edirdi, çünki sürünməyə yer yox idi, sonradansa əşyaları getdikcə artan maraqla ora-bura dartışdırmağa başladı, baxmayaraq ki belə gəzişmələr onun lap axırına çıxırdı – qüssə və yorğunluqdan saatlarla hərəkət edə bilmir, eləcə taqətsiz düşüb qalırdı.

Kirayənişinlər arabir evdə, ümumi qonaq otağında şam etdiklərindən həmin otağın qapısı bəzi axşamlar bağlı olurdu, amma Qreqor bu vəziyyətlə tez barışmışdı və əsla narazı-filan deyildi. Nəinki narazı deyildi, hətta qapının açıq qoyulduğu axşamlarda da çox vaxt bundan istifadə etmir və özünü otağın ən qaranlıq küncünə verib ailənin gözündən iraq bir yerdə uzanıb qalırdı. Ancaq bir dəfə qulluqçu arvad qonaq otağının qapısını azca aralı qoymuşdu, axşam kirayənişinlərin gəldiyi, işığın yandırıldığı vaxt da qapı eləcə aralı qalmışdı. Kişilər masa arxasına keçib Qreqorun bir vaxtlar öz valideynləri ilə şam edərkən oturduğu həmin yerdəcə əyləşdilər və salfetləri açıb çəngəl-bıçağı şəstlə əllərinə götürdülər. Anası ilə bacısı da bir-birinin ardınca dərhal qapının ağzında peyda oldular – biri ət, o biri kartof dolu qabla. Xörəklərdən güclü buğ qalxırdı, kişilər də qabaqlarındakı nimçələrin üstünə əyilərək sanki yeməyə başlamazdan öncə dadını-duzunu yoxlamaq istədilər. Ortada oturmuş və digər ikisinin xüsusi hörmət bəslədiyi aşkar sezilən kirayənişin, həqiqətən də, ətin bir tikəsini götürüb onu elə qabın içindəcə kəsdi – yəqin etmək istəyirdi görsün lazımi qədər bişibmi, yoxsa lap yaxşı bişirilməsi üçün xörəyi gerimi yollamaq lazımdır. Deyəsən, razı qaldı və onun hərəkətlərini bayaqdan bəri gərgin bir intizarla izləyən qadınlar da arxayınlaşıb gülümsədilər.

Ev sahibləri xörəklərini mətbəxdə yeyirdilər, amma Qreqorun atası mətbəxə keçməzdən qabaq qonaq otağına baş çəkdi; furajkası əlində hamıya ümumi şəkildə təzim edib masanın yanından ötdü. Kirayənişinlər üçü də bir nəfər kimi ayağa qalxıb dodaqaltı nəsə mızıldandılar, özləri tək qaldıqdan sonra isə, demək olar ki, daha bir kəlmə də dinib-danışmadan sakitcə yeməyə girişdilər. Süfrə arxasından eşidilən müxtəlif səslər içərisində çeynəyən dişlərin gövşəyi xüsusilə seçilir və Qreqora qəribə hislər aşılayırdı, sanki ona cidd-cəhdlə sübut edilirdi ki, yemək üçün diş gərəkdir; dişsiz çənə lap nə qədər qəşəng də olsa, heç nəyə yarayan deyil. “Mən də nəsə yeyərdim, – Qreqor öz aləmində düşündü, – Amma onların yediyindən olmasın. Bunlar doyub-dolanmaq bilmirlər, mənsə burda məhv olub gedirəm!”

Skripka səsi də – bütün bu müddət ərzində bacısının bircə dəfə də olsun çaldığını Qreqor xatırlamırdı – mətbəxdən məhz elə həmin axşam eşidildi. Kirayənişinlər şam edib qurtarmışdılar, ortada oturan kişi qəzet çıxarıb o birilərin hərəsinə bir səhifə vermişdi və hazırda üçü də arxaya söykənib oxumaqla məşğul idi. Skripkanın səsi gələndə əvvəl diqqətlə qulaq verib sonra ayağa qalxdılar və barmaqlarının ucundaca yaxınlaşıb dəhliz qapısının ağzında durdular. Görünür, kişilərin bu hərəkəti mətbəxdə də eşidilmişdi və atası da buna dərhal reaksiya verdi:

– Bəlkə, musiqi cənablar üçün xoş deyil? Belədirsə, biz onu elə bu dəqiqə kəsərik.

– Əksinə, – bayaq ortada oturmuş kişi dilləndi, – münasib bilinirsə, bəlkə, xanım gəlib bizim yanımızda, daha xoş və rahat olan bu otaqda çalsın?

– Baş üstə, baş üstə! – deyə ata ucadan səsləndi, skripka çalan sanki o özü idi.

Kirayənişinlər yerlərinə qayıdıb gözləməyə başladılar; az keçmiş atası püpitri[5 - Püpitr – not kağızlarını qoymaq üçün dayaq], anası notları, qız da skripkanı götürüb gəldi. Qreta hazırlıq işləri ilə məşğul olduğu müddətdə otaqlarını heç vaxt kirayəyə verməmiş, buna görə də kirayənişinlərlə hədsiz nəzakətlə davranan ev sahiblərinin cürəti çatmadı ki, öz halalca stullarında otursunlar – atası sağ əlini yaxası kip bağlı pencəyinin iki düyməsi arasından içəri soxub qapıya söykəndi, anası isə kirayənişinlərdən birinin ona təklif etdiyi stulda yox, keçib kənarda, otağın bir küncündə oturdu, stul da qoyulduğu yerdə eləcə boş qaldı.

Bacısı çalmağa başladı; valideynləri də hərəsi durduğu yerdən diqqətlə qızın əllərinin hərəkətini izləyirdilər. Musiqiyə valeh olmuş Qreqor ürəklənib həmişəkindən bir az qabağa gəldi; onun başı artıq qonaq otağına keçmişdi.

Son vaxtlar başqalarına bir elə həssas münasibət bəsləmədiyinə Qreqor çox da təəccüb etmirdi, halbuki əvvəllər bu həssaslığı ilə fəxr edirdi. Gizlənməyə isə əvvəlkindən məhz indi daha çox əsası vardı, çünki otağı başdan-başa bürüyən və azacıq tərpənən kimi qalxan bolluca tozun ucbatından özü də büsbütün çirkin-pasın içində idi, kürəyindən, böyürlərindən saplar, tüklər, yemək qalıqları sallanırdı. Hər şeyə qarşı o dərəcədə laqeydləşmişdi ki, qabaqlar etdiyi kimi gündə bir neçə dəfə arxası üstə uzanıb kürəyini xalçaya sürtüb təmizləmək heç ağlına da gəlmirdi. İntəhası öz iyrənc görkəminə baxmayaraq, o, sürünərək qonaq otağının güzgü kimi parıldayan döşəməsinə çıxmaqdan qətiyyən çəkinib-eləmədi.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/franc-kafka/hekay-l-r-68289322/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Kommivoyajer (fr. commis voyageur) – səyyar satıcı; hər hansı bir firmanın ticarət təmsilçisi; şəhərləri, evləri dolaşıb kataloq üzrə satış həyata keçirir.




2


Mufta – qadınların əllərini keçirdikləri xəz




3


İnkasso – bank əməliyyatı; nağd pulun müştəridən alınaraq bank vasitəsilə sənədləşdirilməsi: əməliyyatı həyata keçirən bu yolla komisyon haqqı alır.




4


Qulden – bir çox Qərb ölkələrinin pul vahidi; ilk dəfə XIV əsrdə Almaniyada qızıl sikkə halında (quldin – alm. qızıl deməkdir, ing. – gold), sonralar isə gümüş olaraq dövriyyəyə buraxılmışdı.




5


Püpitr – not kağızlarını qoymaq üçün dayaq



Frans Kafkanın bu kitaba daxil edilən novella və hekayələrində ümumbəşəri problemlər – şəxsiyyət və mühit, ata və oğul, doğmalıq və yadlıq, eləcə də bunların bir-birinə hökmranlığı öz əksini tapıb.

Как скачать книгу - "Hekayələr" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Hekayələr" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Hekayələr", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Hekayələr»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Hekayələr" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги серии

Книги автора

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *