Книга - Hekayələr

a
A

Hekayələr
O.Henri


Hekayə ustaları
Kitaba dünyanın qısa hekayə ustaları arasında xüsusi yer tutan O.Henrinin seçmə əsərləri toplanıb. Cəmiyyətdəki sosial ziddiyyət və mənəvi eybəcərlikləri bu əsərlərin ana xəttini təşkil edir.





O.Henri

Seçmə hekayələr





QİYMƏTLİ HƏDİYYƏ


Bir dollar səksən yeddi sent… Olanı bu idi. Altmış senti xırda pullardan ibarət idi. Bu birsentliklərlə baqqal, göyərtisatan, qəssabla alver eləyərkən qənaətcilliyinin səssiz narazılığa səbəb olduğunu hiss edərək qulaqlarına qədər qızarırdı. Della pulları üç dəfə saydı: bir dollar səksən yeddi sent. Sabah isə Milad bayramı idi.

Köhnə taxtda uzanıb hönkürtü ilə ağlamaqdan başqa çarəsi yox idi. Della da belə etdi. Görəsən, bu fəlsəfi fikir haradan meydana çıxıb ki, guya həyat göz yaşlarından, ahlardan və təbəssümlərdən ibarətdir, özü də guya ahlar daha çoxdur?..

Gəlin ev sahibinin başının qarışmasından istifadə edib evi nəzərdən keçirək: mebellə təchiz olunmuş, həftəsi səkkiz dollara balaca bir mənzil… Məsələ təkcə buradakı mənzərənin kasıblıqdan xəbər verməsində deyil. Daha çox sükut içində bədbəxtliyin hökm sürməsi diqqəti çəkirdi. Aşağıda, giriş qapısının üstündəki məktub qutusuna bu vaxta kimi bir dənə də olsun məktub salınmamış, elektrik zənginin düyməsinə bir insan övladı belə toxunmamışdı. Oraya üstündə belə bir yazı olan kağız vurulmuşdu: “Mister Ceyms Dillinqhem Yunq”. “Dillinqhem” sözü həftədə otuz dollar aldığı firavan dövrlərdə bir-birindən aralı hərflərlə yazılır, xeyli yer tuturdu. İndi gəliri iyirmi dollara düşdüyü üçün “Dillinqhem” sözündəki hərflər sönük təsir bağışlayırdı. Sanki ciddi şəkildə qərara alınmışdı ki, “D”nin qısaldılıb iddiasız şəklə salınması daha münasibdir. Mister Ceyms Dillinqhem Yunq evə gəldiyi zaman onu, həmişə olduğu kimi, «Cim!» sədası və artıq sizə Della kimi təqdim olunan missis Ceyms Dillinqhem Yunqun mehriban qucağı qarşılayırdı. Belə bir qarşılanma, doğrudan da, çox gözəldir.

Della ağlamağı kəsdi və yanaqlarını pudraladı. İndi o, pəncərənin qarşısında dayanmışdı və boz divarın üstündə gəzişən pişiyi məyus-məyus seyr edirdi. Sabah Milad bayramıdır, amma Cimə hədiyyə almaq üçün onun cəmi bir dollar səksən yeddi sent pulu var! Uzun aylar hər sentə qənaət etməklə, nəhayət, artıra bildiyi məbləği bu idi. Həftəyə iyirmi dollarla uzağa getmək mümkün deyil. Xərclər onun hesabladığından artıq alınırdı. Həmişə elə olur. İndi isə Cimə hədiyyə almaq üçün cəmi bir dollar səksən yeddi sent pulu var! Onun Cimi üçün! Milad günü ona bağışlayacağı hədiyyə barədə düşünərkən o qədər sevincli anlar yaşamışdı ki… Nəsə nadir, qiymətli bir şey olmalı idi ki, Cimin adına, az da olsa, layiq olsun.

İki pəncərənin arasındakı divara güzgü vurulmuşdu. Mebellə təchiz olunmuş səkkizdollarlıq mənzildə nə vaxtsa aynaya baxmısınız? Çox arıq və çox diribaş adam onun laylarında ardıcıl olaraq dəyişən əksini müşahidə edərək zahiri görkəmi barədə dəqiq təsəvvür əldə edə bilər. Zərif bədən quruluşu olan Della bu bacarığa yiyələnə bilmişdi.

O, birdən pəncərənin ağzından aralanıb güzgüyə tərəf atıldı. Gözləri parıldayırdı, amma iyirmi saniyə ərzində üzünün rəngi qaçdı. Cəld hərəkətlə sancaqları çıxarıb saçını açdı.

Sizə deməliyəm ki, Ceyms Dillinqhem Yunq cütlüyünün fəxr etdiyi iki sərvət mövcuddur. Biri – Cimə ata-babasından miras qalmış qızıl saat, o biri – Dellanın saçları idi. Çariça Savskaya[1 - Çariça Savskaya (ivrit. Malkat Şva, fars. Melikat Saba, ərəb. Balkis) – əfsanəvi Səba (Şeba) padşahlığının (müasir Yəmən dövlətinin ərazisində yerləşirdi) çariçası; e.ə. X əsrdə mövcud olduğu bildirilir. Bibliyada onun adı çəkilməsə də, Yerusəlimi, çar Solomonu (Süleyman peyğəmbər) ziyarət etdiyi qeyd olunur. Quranın 27-ci surəsində də Balkis adı ilə cin insan kimi təqdim edilir. Tarixi faktlar belə bir qadın rəhbərin olmadığını bildirsə də, Yaxın Şərq, Şimali Afrika və bir sıra Avropa ölkələrinin folklorunda adıçəkilən xanımın gözəlliyi və şücaəti haqqında bəhs edilir. Azərbaycan folklorunda onun adı Bilqeyis xatun adı ilə Süleyman peyğəmbərin hərəmi kimi qeyd olunur.] qarşı evdə yaşasaydı, Della qəsdən başını yuyub saçlarını pəncərə qarşısında qurudardı ki, ülyahəzrətin bütün paltarlarını və daş-qaşını kölgədə qoysun. Çar Solomon[2 - Çar Solomon – Süleyman peyğəmbər, Davud peyğəmbərin oğlu. Tövrata görə, e.ə. 965-928-ci illərdə hakimiyyətdə olmuş üçüncü yəhudi çarı. Bütün səmavi dinlərdə müdriklik və ədalət simvolu kimi təqdim olunur. Dini rəvayətlərə görə, quşların və heyvanların dilini bilirmiş.] həmin evdə qapıçı işləyib var-dövlətini zirzəmidə gizlətsəydi, Cim yaxınlıqdan keçəndə qəsdən hər dəfə saatı cibindən çıxarardı ki, qısqanclıqdan onun saqqalını necə yolduğunun şahidi olsun.

Budur, Dellanın gözəl saçları açılıb parıltı ilə dalğalanır – elə bil şabalıdı şəlalə şırnağı idi. Dizinə qədər uzanan saçları bütün bədənini plaş kimi qucaqlamışdı. Amma o, tez əsəbi və tələsik hərəkətlə onları yenidən yığmağa başladı. Sonra, sanki tərəddüd edirmiş kimi bir an tərpənmədən dayandı və qırmızı rəngli köhnə xalçanın üstünə iki-üç damcı göz yaşı düşdü.

Köhnə qəhvəyi jaketini çiyninə atıb, nimdaş şlyapasını başına qoyub nəm gözlərindəki parıltı ilə sürətlə aşağı, küçəyə qaçdı.

Qarşısında dayandığı lövhədə yazılmışdı: “Madam Sophronie. Saçlardan düzəldilmiş müxtəlif məmulatlar”. Della tələsik ikinci mərtəbəyə qalxdı və təngnəfəs halda dayandı.

– Mənim saçlarımı alarsınızmı? – o, madamdan soruşdu.

– Şlyapanızı çıxarın, mala baxmaq lazımdır, – madam cavab verdi.

Şabalıdı şəlalə yenidən axıb göz oxşadı.

– İyirmi dollar, – madam vərdiş etdiyi hərəkətlə sıx kütlənin çəkisini yoxlayaraq dedi.

– Onda tez olun, – Della dedi.

Növbəti iki saat çəhrayı qanadlar üstündə ötüb-keçdi – köhnəlmiş metaforaya görə üzr istəyirəm. Della Cimə hədiyyə almaq üçün mağazada dolaşdı. Nəhayət, axtardığını tapdı. Şübhəsiz, bu hədiyyə Cim üçün yaranmışdır, yalnız onun üçün… Digər mağazalarda buna bənzər heç bir şey yox idi. Axı o hər yerin altını üstünə çevirmişdi. Bu, cib saatları üçün nəzərdə tutulmuş, keyfiyyəti ilə adamı valeh edən, sadə və ciddi görünüşlü platin zəncir idi. Bütün yaxşı əşyalar, əslində, belə olmalıdır. Onu ən dəyərli saatlar üçün münasib hesab etmək olardı. Della zənciri görən kimi düşündü ki, bu yalnız Cimə qismət olmalıdır. O elə Cimin özünə bənzəyirdi. Ciddi və ləyaqətli – bu onların hər ikisini fərqləndirən keyfiyyətlər idi. İyirmi bir dollar kassaya ödəndi və Della cibində səksən yeddi sentlə evə tələsdi. Belə bir zəncirlə hansı cəmiyyətdə olur-olsun, Cim saata baxmaqdan utanmayacaqdı. Onun saatı nə qədər gözəl olsa da, Cim ona, adətən, gizlində baxırdı, çünki o, bərbad dəri kəmərdən asılmışdı.

Evdə Dellanın coşqunluğu azaldı və öz yerini ehtiyatlı tədbir görməyə verdi. O, sancaqları götürdü, qaz sobasını yandırdı və səxavətlə məhəbbətin dağıtdıqlarını yenidən düzəltməyə başladı. Bu isə həmişə çox ağır zəhmət tələb eləyir, dostlar, çox ağır.

Heç qırx dəqiqə keçməmiş başını dimdik dayanmış xırda hörüklər bəzəyirdi ki, bu görkəmdə dərsdən qaçmış oğlan uşağına bənzəyirdi. O, uzun müddət diqqətlə və tənqidi nəzərlərlə güzgüdə özünə baxdı.

– Hə, – öz-özünə dedi, – əgər Cim məni görən kimi öldürməzsə, o zaman düşünəcək ki, kilsə xorunda oxuyan qadınlara oxşayıram. Ancaq mən nə edə bilərdim, nə edə bilərdim ki, cəmi bir dollar səksən yeddi sent pulum vardı!?

Saat yeddidə qəhvə dəmlənmiş, qaz sobasında bərk qızdırılmış tava isə qoyun ətindən hazırlanmış kotletləri gözləyirdi.

Cim heç vaxt gecikməzdi. Platin zənciri ovcunda gizləyən Della giriş qapısına yaxın qoyulmuş masanın uc tərəfində oturmuşdu. Tezliklə aşağıdan onun ayaq səslərini eşitdi və bir anlığa rəngi ağardı. O hər cür xırda şeylər üçün Allaha qısa dualar etməyə alışdığından tələsik pıçıldadı:

– İlahi, elə et ki, həmişə onun xoşuna gəlim!

Qapı açıldı, Cim içəri girdi və qapını arxasınca bağladı. Onun arıq və qayğılı sifəti var idi. İyirmi iki il ailə qayğısı ilə yüklənmək asan məsələ deyildi! Onun artıq çoxdan təzə paltoya ehtiyacı var idi və əlləri əlcəksiz donurdu.

Cim bildirçin görmüş ov tulası kimi qapının ağzında donub-qaldı. O, gözlərini Dellaya dikib dayanmışdı, qadın bu baxışlardakı mənanı anlaya bilmədiyi üçün qorxmağa başladı. Bu gözlərdə nə qəzəb, nə heyrət, nə tənə, nə də dəhşət oxunurdu. Onlar gözlənilən hislərin heç birindən xəbər vermirdi. O, sadəcə, gözünü çəkmədən qadına baxır, sifətindəki qeyri-adi ifadə isə dəyişmirdi.

Masadan sıçrayan Della onun üstünə atıldı.

– Cim, əzizim, – o çığırdı, – mənə belə baxma! Saçlarımı kəsdirib satmışam, çünki sənə Milad bayramında heç nə hədiyyə etməsəydim, yaşaya bilməzdim. Onlar yenidən uzanacaq. Sən hirslənmirsən, düzdür? Başqa cür bacarmazdım. Mənim saçlarım tez uzanır. Hə, Milad bayramı münasibətilə məni təbrik elə, Cim, sonra da bayramı qeyd edək. Bilsən sənə necə hədiyyə hazırlamışam, necə gözəl, necə ecazkar bir hədiyyə?

– Sən saçlarını kəsdirmisən? – Cim gərgin vəziyyətdə soruşdu, beyni hələ də bu faktı dərk eləyə bilmirdi.

– Hə, kəsib satmışam, – Della dedi. – Amma sən məni onsuz da sevəcəksən, hə? Saçlarım qısa olsa da, həmin qadınam.

Cim anlaşılmaz baxışlarla otağı seyr etdi.

– Deməli, artıq sənin hörüklərin yoxdur? – o, mənasız bir inadkarlıqla yenə də soruşurdu.

– Axtarma, onları tapa bilməyəcəksən, – Della dedi. – Mən ki sənə deyirəm: onları satmışam – kəsdim və satdım. Bu gün Milad axşamıdır, Cim. Mənimlə mehriban ol, çünki sənə görə belə etmişəm. Bəlkə də, başımdakı tüklərin sayını hesablamaq olar, – qadın davam etdi və onun mehriban səsi dəyişib ciddi ahəng aldı, – lakin heç kim, heç kim sənə olan sevgimin ölçüsünü təyin edə bilməz! Kotletləri bişirim, Cim?

Beləliklə, Cim özünə gəldi. O, Dellanı qucaqladı. Bir az ciddi olaq və bir neçə saniyəlik bu qəhrəmanlardan ayrılıb hansısa başqa məsələləri gözdən keçirməklə məşğul olaq. Hansı çoxdur – həftəyə səkkiz dollar, yoxsa ilə bir milyon? Riyaziyyatçı da, müdrik də sizə səhv cavab verəcək. Sehrbazlar qiymətli hədiyyələr gətirmişdilər, amma onların arasında bir şey yox idi. Hər halda, bu dumanlı eyhamlara sonra aydınlıq gətiriləcək.

Cim paltosunun cibindən bir bağlama çıxardı və masanın üstünə tulladı.

– Məni yanlış anlama, Dell, – o dedi, – heç bir saç düzümü məni öz qadınımdan soyuda bilməz. Amma bu bağlamanı aç, o zaman anlayarsan ki, nə üçün əvvəlcə bir az karıxdım.

Ağ əllər tələsik bağlamanın ipini qırdı və kağızını cırdı. Heyrətdən doğan çığırtı, ardınca isə – əfsuslar olsun! Qadınlara məxsus göz yaşları və iniltilər. Ev sahibinin ehtiyatında olan bütün sakitləşdirici vasitələrdən yubanmadan istifadə etmək lazım gəldi.

Çünki masanın üstündəki daraq idi. Həmin daraq dəstini – biri arxada, ikisi öndə – Della özü çoxdan Brodvey vitrinlərinin birində görüb bəyənmişdi. Qeyri-adi, əsl bağa çanağından hazırlanmış bu daraqların kənarları onun şabalıdı saçları kimi parıltılı daşlarla bəzədilmişdi. Onlar bahalı idi, Della bunu bilirdi və onlara sahib olmaq arzusunu həyata keçirməməsi ucbatından ürəyi çox ağrımışdı. Daraqlar indi ona məxsus olsa da, artıq gözəl hörüklər yox idi ki, həsrətində olduğu parıltı onları bəzəyə bilsin. Buna baxmayaraq o, daraqları sinəsinə basmışdı və özündə güc tapıb başını qaldırdığı zaman göz yaşları içində gülümsədi:

– Mənim saçlarım tez uzanır, Cim!

Bu zaman qadın üstünə qaynar su tökülmüş pişik balası kimi qəflətən yerindən sıçrayıb ucadan dedi:

– Ah, aman Allah!

Axı Cim hələ də onun füsunkar hədiyyəsini görməmişdi!.. O, ovcunun içində gizlətdiyi zənciri tələsik ona uzatdı. Qiymətli metal sanki onun çılğın və səmimi sevincinin şüaları altında rəqs edirdi.

– Məgər gözəl deyil, Cim? Bunu tapana kimi bütün şəhəri dolaşmışam. İndi istəsən, gündə yüz dəfə saatına baxa bilərsən. Saatını mənə ver görüm. Onların birlikdə necə göründüyünə baxmaq istəyirəm.

Amma Cim onun dediyinə əməl etmək əvəzinə, taxta uzanıb əllərini başının altına qoyaraq gülümsədi.

– Della, – o dedi, – indi biz hədiyyələrimizi müvəqqəti olaraq gizlətməliyik ki, bir qədər dincələ bilsin. Mən saatı satdım ki, sənin üçün bu daraqları ala bilim. İndi isə kotletləri bişirməyin əsl vaxtıdır.

Mən sizə səkkizdollarlıq mənzildə yaşayan və heç bir müdrikliyə sığmayan tərzdə bir-birinə ən dəyərli sərvətlərini qurban verən iki səfeh uşaq barədə o qədər də maraqlı olmayan əhvalat danışdım. Amma zəmanəmizin müdriklərinə məlum olsun ki, bu iki nəfər bəxşiş verənlərin ən ağıllısı idi. Bəxşiş verənlər və qəbul edənlər arasında yalnız onlara bənzəyənlər, həqiqətən, ən müdrikdirlər; hər zaman və hər yerdə.




İNCƏSƏNƏTƏ SEVGİDƏN


İncəsənəti sevirsənsə, qurban verməkdən qorxmamalısan. İlkin şərt budur. Hekayəmiz bu şərtin, eyni zamanda da onun təkzibinin nəticəsi olaraq meydana gəldi. Bu hekayə məntiqi nöqteyi-nəzərdən orijinal və yeni, ədəbi üslubuna görə isə Böyük Çin səddindən azca qədim olacaq.

Orta Qərbin əsrlik palıd ağacları arasında və yastı düzənliklərində böyüyən Co Lerrebinin təsviri sənətə böyük yanğısı vardı. O, altı yaşında ikən kartonun üstündə şəhərin su qurğusunu və onun yanından tələsik ötən mötəbər bir sakinini təsvir etmişdi. Yaradıcılıq səyinin məhsulu olan bu şəkil çərçivəyə salınmış, dənələri tək-tək sıralanmış qarğıdalı qıçası ilə yanaşı, aptekin pəncərəsinə qoyulmuşdu. Co Lerrebinin iyirmi yaşı tamam olanda isə o, qalstukunu rahatca bağladı, kəmərini tarım çəkdi və doğma şəhərini tərk edərək Nyu-Yorka yollandı.

Diliya Keruzer Cənubda, şam ağacı ilə əhatə olunmuş kənddə yaşayırdı və onun fortepianonun altı oktavalıq dillərindən çıxardığı səslər qohumlarının qəlbində elə böyük ümid yaratmışdı ki, məhz onların köməyi ilə pul daxılına “musiqi təhsilini tamamlamaq” məqsədilə şəhərə getmək üçün kifayət qədər pul yığılmışdı. Amma təhsilini necə tamamlayacaqdı – bunu qohumlar əvvəlcədən bilə bilməzdilər… Belə ki, hekayəmiz də elə bundan bəhs edəcək.

Co və Diliya studiyada rastlaşdılar. Rəssamlığı və musiqini öyrənən cavanlar işıq və kölgə, musiqi, Rembrandtın[3 - Rembrandt (1606-1669) – məşhur Niderland rəssamı] əsərləri, rəsmləri, divar kağızları, Valdteyfel[4 - Emil Valdteyfel (1837-1915) – Fransa bəstəkarı, dirijor və pianoçusu] və Şopen[5 - Friderik Şopen (1810-1849) – dünya şöhrətli Polşa bəstəkarı, pianoçusu] barədə söhbət etmək üçün bura yığışırdılar.

Co ilə Diliya bir-birinə vurulmuşdular, ya da bir-birindən xoşlanırdılar – zövqünüzə hansı uyğundursa, onu da qəbul edin – və vaxt itirmədən izdivaca girdilər. Çünki (yuxarıda qeyd olunanı yadınıza salın) incəsənəti sevirsənsə, qurban verməkdən qorxmamalısan.

Mənzil kirayələyib mister və missis Lerrebilər öz təsərrüfatlarını idarə etməyə başladılar. Bu, fortepiano dillərinin ən aşağı lya-diezi kimi uzaq dalanların birində yerləşən gözdən uzaq tənha bir mənzil idi. Ər-arvad xoşbəxt idilər. Onlar bir-birinə məxsus idilər, incəsənət də onlara. Kim cavan və varlıdırsa, ona məsləhətim bundan ibarətdir: mülkünü sat və kasıblara payla… daha yaxşısı isə – bu pulları dalandara ver, qoy öz Diliyası və İncəsənəti ilə birlikdə belə bir mənzildə yaşaya bilsin. Bu mənzilin sakinləri, şübhəsiz, mənim sözlərimi təsdiqləyərlər ki, dünyanın ən xoşbəxt adamlarıdır. Xoşbəxtliyin hökm sürdüyü mənzil darısqal ola bilməz. Qoy üzüüstə yıxılmış komod bilyard masasını, buxarı lövhəsi aynanı, yazı masası qonaq otağını, əlüzyuyan isə fortepianinonu əvəz etsin! Əgər dörd divar üstünüzə gələrsə – bədbəxtlik deyil! Təki öz Diliyanızla bu divarların arasına sığışasınız. Əgər evinizdə mehribanlıq və həmrəylik yoxdursa, onda qoy o qədər nəhəng və geniş olsun ki, ora Qızıl darvazadan[6 - Qızıl darvaza – bu körpü San-Fransisko (ABŞ) şəhərinin ən gözəl arxitektur nümunələrindən biridir. Onun tikintisi 4 il davam etmişdir və keçən əsrin 37-сi ilində tamamlanmışdır. Körpünün uzunluğu 1970 metr, asılı hissəsinin uzunluğu isə 1280 metrdir. Avtomobil yolu 6 cərgəlidir. Körpünü həm piyada, həm də velosipedlə keçmək olar.] keçərək, Hatteras burnunda[7 - Hatteras burnu – ABŞ-ın Şimali Karolina sahilində burun. Gözlənilməz tufan, duman və burulğanları olduğu üçün buraya “Gəmi qəbiristanlığı” da deyilir. Dünyanın ən böyük mayaklarından (60,5 m) biri buradadır.] şlyapanızı, Qorn burnunda[8 - Qorn burnu – Cənubi Amerikanın Odlu Torpaq arxipelaqının ən ucqar nöqtəsi. Qorn adasının sahilində yerləşən bu burun 1616-cı ildə holland səyyahları tərəfindən tapılıb.] paltarınızı asaraq daxil ola, Labradordan[9 - Labrador – Şimali Amerikada yarımada] isə çıxa biləsiniz!

Co rəssamlıq sənətini dahi Maestrinin[10 - Maestri (1779-1812) – italyan rəssamı, neoklassisizm cərəyanının nümayəndəsi] özündən öyrənirdi. Siz, şübhəsiz ki, bu adı eşitmisiniz. O öz tələbələrinin üstündə möhkəm əsir, öyrədəndə isə asan öyrədirdi. Görünür, elə bu da ona effektli təzadların ustası kimi böyük şöhrət qazandırıb. Diliya isə musiqini Rozenştokdan öyrənirdi. Əlbəttə, siz fortepiano dillərinin sakitliyini pozan bu şəxsin necə böyük şöhrət sahibi olduğundan xəbərdarsınız.

Co və Diliya pullarını xərcləyib qurtarana kimi çox xoşbəxt idilər. Həmişə belə olur… lakin mən ədəbsiz görünmək istəməzdim. Qarşılarındakı məqsəd onlara tamamilə aydın idi: Co qısa zamanda elə rəsm əsərləri yaratmalı idi ki, nazik bakenbardları və qalın kisəsi olan yaşlı centlmenlər onlara sahib olmaq üçün onun emalatxanasında bir-birini qapazlasınlar, Diliya isə musiqinin bütün sirlərindən agah olmalı, ondan elə doymalı idi ki, parter və lojalarda boş yerləri görəndə şəxsi otağına çəkilərək estrada səhnəsinə çıxmaqdan imtina etməyi, qəfil baş ağrılarını onunla müalicə eləməyi bacarsın.

Amma fikrimcə, ən gözəl şey onların balaca mənzildə yaşadıqları həyatın özü idi: dərsdən qayıtdıqdan sonra edilən coşqun və maraqlı söhbətlər; ikilikdə rahat səhər və nahar yeməyi mərasimləri; bir-biri ilə saf arzuları bölüşmələri – özü də hər biri özünün yox, sevgilisinin uğuru haqda şirin xəyala dalırdı; qarşılıqlı surətdə bir-birinə kömək göstərməyə və bir-birini ruhlandırmağa hazır olmaları və – zövqümdəki iddiasızlığa görə məni bağışlasınlar – yatmazdan əvvəl qəbul etdikləri pendir və zeytunla buterbrodu.

Lakin günlər bir-birini əvəz edirdi və yüksəklərə qaldırılmış İncəsənət bayrağı hələ də öz dirəyində çarəsiz halda dalğalanırdı. Bəzən belə də olur, halbuki bayraqdarın günahı yoxdur. İşgüzarlığa üstünlük verən qaba adamların söylədiyi kimi, hər şey evdən kənara, evin içinə isə heç nə. Mister Maestri və Rozenştoka xidmət haqqını ödəmək üçün pul tapılmırdı. Amma incəsənəti sevirsənsə, heç nədən qorxmamalısan. Beləliklə, Diliya bir dəfə bəyan etdi ki, musiqi dərsi demək qərarına gəlib, çünki dolanmaq lazımdır.

Günlərlə evi tərk edib şagird aradı və nəhayət, bir axşam yüksək əhvali-ruhiyyədə evə qayıtdı.

– Co, əzizim, şagird tapmışam! – o, təntənəli surətdə bəyan etdi. – Bilirsən necə mehriban insanlardır! General… general A.B.Pinkni və qızı. Yetmiş birinci küçədə öz evləri var. Qəşəng evdir, Co! Sən bir onların giriş qapısını görəydin! Bizans üslubunda – gərək ki, sən onu belə adlandırırdın. Otaqlar! Ah, Co, mən heç vaxt belə bir şey görməmişdim! Mən onun qızı Klementinaya dərs deyəcəyəm. Təsəvvür edirsən, elə ilk baxışdan qıza bağlandım. O qədər zərif, o qədər nəzakətlidir ki… Özünü də çox sadə aparır. Başdan-ayağa ağ geyinir. On səkkiz yaşı var. Həftədə üç dəfə onunla məşğul olacağam. Sən bir özün fikirləş, Co, dərsin biri beş dollara! Bu ki möcüzədir! İki-üç belə dərsdən sonra musiqi məşğələlərimi yenidən bərpa edə biləcəyəm. Yaxşı da, əzizim, qaşqabağını sallama, gəl yaxşı bir şam yeməyi təşkil edək.

– Bunları söyləmək sənə asan gəlir, Dili, – mətbəxdə bıçaq və balta ilə “silahlanan” Co konservləşdirilmiş noxud bankasına “hücum” edərək etirazını bildirdi. – Bəs mənim vəziyyətim necə olacaq? Deməli, sən dərs dalınca qaçıb pul qazanacaqsan, mən isə yüksək incəsənət dairələrində qayğısız-qayğısız dolaşacağam? Benvenuto Çellininin[11 - Benvenuto Çellini (1500-1571) – İntibah dövrünün görkəmli italyan heykəltəraşı, zərgəri, rəssamı, musiqiçisi] qalıqlarına and olsun ki, buna razı olmaram! Yəqin ki, mən də qəzet satmaqla, ya da küçələrə daş döşəməklə evə əlavə pul gətirə bilərəm.

Diliya yaxınlaşıb onun boynuna sarıldı.

– Co, sevgilim, necə də axmaqsan! Axı sən rəssamlığı atmamalısan. Başa düş, əgər mən musiqini buraxıb kənar işlə məşğul olsaydım, onda başqa məsələ! Amma mən dərs deyə-deyə özüm də öyrənirəm. Mən ki öz musiqimdən ayrılmıram. Həftəyə on beş dollara milyonçu kimi yaşayarıq. Mister Maestridən uzaqlaşmağı ağlına belə gətirmə.

– Yaxşı, – Co rəfdən balıqqulağı formalı çini salatqabını götürərək dedi. – Hər halda, sənin dərs dalınca qaçmağın mənə ağır gəlir. Yox, bu, incəsənət deyil. Amma sən, əlbəttə, əsl xəzinəsən, afərin!

– İncəsənəti sevirsənsə, fədakarlıqdan qorxmamalısan, – Diliya təmtəraqla dedi.

– Maestri parkda çəkdiyim o etüddəki səma təsvirini təriflədi, – Co bildirdi. – Tinkl isə iki əsərimin vitrininə qoyulmasına razılıq verdi. Bəlkə də, hansısa pullu sarsağın gözü tutdu, onları aldı.

– Mütləq alacaqlar, – Diliya mehribancasına dedi. – İndi isə general Pinkniyə və bu dana ətinə görə taleyə şükür edək.

Növbəti həftə ərzində Lerrebi cütlüyü səhər yeməyinə erkən başladı. Co şəkil çəkdiyi mərkəzi parkda səhər işıqlarının effektlərinə aludə olmuşdu; saat yeddidə Diliya onu bura səhər yeməyi, zərif qayğılar, öpüşlər və həvəslə doyurub yola salırdı. İncəsənət – tələbkar sevgilidir. Co artıq axşamlar nadir hallarda yeddidən tez evə qayıdardı.

Şənbə günü Diliya bir az rəngi ağarmış və yorğun halda, lakin incə bir məğrurluq nümayiş etdirərək üç ədəd kağız beşdollarlığı balaca qonaq otağındakı (səkkizin on futa[12 - Fut – ingilis ölçü sistemində 30,48 sm-ə bərabər uzunluq vahidi]) balaca masanın (səkkizin on düymə[13 - Düym – 2,54 sm-ə bərabər uzunluq ölçüsü]) üstünə qoydu.

– Klementina arabir məni məyus edir, – o, bir qədər yorğun tərzdə dedi. – Deyəsən, qız o qədər də çalışqan deyil. Eyni şeyi ona bir neçə dəfə təkrar etmək lazım gəlir. Onun ağ geyimi də artıq adamı qüssələndirir. Amma general Pinkni çox qəribə qocadır! Təəssüf ki, sən onunla tanış deyilsən, Co. O, dərs vaxtı hərdənbir yanımıza gəlir. Axı o, tənha və dul kişidir! Yanımızda dayanıb keçi saqqalına oxşar çal saqqalını dartışdırır. “Hə, onaltıncıların və otuzikincilərin vəziyyəti necədir? – həmişə də belə soruşur, – dil tapa bilirsiniz?”

Ah, Co, sən onların qonaq otağındakı panelləri[14 - Panel – divarın aşağı hissəsindəki haşiyə] görəsən! Yun parçadan necə də yumşaq portyerlər[15 - Portyer – qapı və pəncərə pərdəsi] varmış! Klementina yüngülcə öskürür. Ümid edirəm ki, o, göründüyündən daha sağlamdır. Bilirsən, mən, həqiqətən, ona çox bağlanmışam – o qədər mehriban, o qədər mülayim qızdır ki… Özü də yaxşı tərbiyə alıb. General Pinkninin qardaşı bir vaxtlar Boliviyada diplomatik nümayəndə olub.

Elə bu zaman Co qraf Monte Kristo[16 - Qraf Monte Kristo – Aleksandr Dümanın macəra dolu romanının qəhrəmanı] kimi əvvəlcə cibindən on dollar, sonra beş, sonra iki, sonra da bir dollar çıxarıb – dörd əsl banknot – arvadının əməkhaqqısı ilə yanaşı qoydu.

– Obeliskli[17 - Obelisk – sütun şəklində daş abidə] akvareli Peoriyadan olan birinə satdım – o, son dərəcə heyrətləndirici bir xəbər gətirmişdi.

– Zarafat edirsən, – Diliya dedi, – ola bilməz!

– Hə də, təsəvvür elə! Təəssüf ki, sən onu görmədin, Diliya. Kök, yun şərf bağlayıb və əlində də əsası. Tinklin vitrinindəki etüdüm diqqətini cəlb edib və əvvəlcə elə bilib ki, bu, yeldəyirmanının təsviridir. Amma o, yaxşı adamdır, dəyirmanın yerinə obeliski aldı və hətta yağlı boya ilə bir rəsm də sifariş verdi: Lekuon yük stansiyasının mənzərəsi. Onu özü ilə aparacaq. Oh, bircə bu musiqi dərsləri çatmırdı! Yaxşı, yaxşı, əlbəttə, onlar da incəsənətin bir hissəsidir.

– Mən çox şadam ki, sən öz işinlə məşğul olursan, – Diliya həyəcanla söylədi. – Səni uğur gözləyir, əzizim. Otuz üç dollar! Biz heç vaxt belə zəngin yaşamamışıq. Bu gün şam yeməyinə istirdiyyə olacaq.

– Bir də göbələklə can əti, – Co əlavə etdi. – Bilmirsən zeytun üçün çəngəl haradadır?

Növbəti şənbə evə birinci Co qayıtdı. O, qonaq otağındakı masanın üstünə on səkkiz dolları qoyduqdan sonra əlindəki qara boyaya oxşar ləkəni tələsik yudu.

Yarım saatdan sonra Diliya da gəldi. Bintlə möhkəm sarınmış sağ əli formasız bağlamaya oxşayırdı.

– Nə olub, Diliya? – Co arvadını öpərək soruşdu. Diliya gülsə də, bir o qədər də şən görünmürdü.

– Klementina dərsdən sonra məni qızardılmış çörəyə qonaq etmək istəyirdi, – o dedi. – Ümumiyyətlə, bu qızda qəribəlik çoxdur. Axşam saat beşdə qızardılmış çörək! General evdə idi; gərək sən görəydin o, tavanın dalınca necə cumdu, elə bil, qulluqçuları yoxdur. Klementinanın səhhətində nəsə bir problem var – o, çox əsəbidir. Əridilmiş pendirin üstünə qızardılmış çörək tökəndə yağı əlimə sıçratdı. Elə ağrıtdı ki, dəhşət! Zavallı özünü itirib göz yaşı tökməyə başladı… General Pinkni isə… bilirsən, qocanın az qaldı ki, ağlı başından çıxsın. Özü aşağıya, zirzəmiyə yüyürdü və kimisə – deyəsən, ocaqçını – aptekə məlhəm və bint dalınca göndərdi. İndi elə də ağrımır.

– Bəs bu nədir? – Co nəvazişlə onun bint sarınmış əlini qaldırdı və bintin altından görünən əsgi parçasını ehtiyatla dartışdırdı.

– Bu, yumşaq bir şeydir, üstündən məlhəm çəkirlər, – Diliya dedi. – İlahi, Co, doğrudanmı, bir dənə də etüd satmısan? – o yalnız indi masanın üstündəki pulları gördü.

– Bu barədə peoriyalı dostumuzdan soruş. O bu gün öz yük stansiyasını götürdü, deyəsən, parkdakı bir mənzərəni və Hudzonun görünüşünü sifariş vermək istəyir. Bu müsibət başına saat neçədə gəldi, Dili?

– Deyəsən, saat beşdə, – Diliya kədərli səslə dilləndi. – Ütünü… yox e, pendiri təxminən həmin vaxtda pilətənin üstündən götürdülər. Sən bir general Pinknini görəydin, Co, o…

– Yaxın gəl, Dili, – Co dedi. O, taxtın üstünə oturdu və arvadını özünə sarı çəkərək qucaqladı.

– Bu iki həftəni sən nə işlə məşğul olmusan? – o soruşdu.

Diliya sevgi və inadkarlıq ifadə edən baxışlarla cəsarətlə ərinin gözlərinin içinə baxdı və general Pinkni barədə nəsə mızıldadı… sonra başını aşağı saldı və sel kimi axan göz yaşlarından əsl həqiqət süzülməyə başladı.

– Mən dərs tapa bilmədim, – Diliya etiraf etdi. – Sənin də rəssamlıqdan uzaqlaşmağına razı ola bilməzdim. Ona görə də camaşırxanaya – İyirmi dördüncü küçədə yerləşdiyini bilirsən – köynək ütüləmək üçün işə düzəldim. Doğrudan da, bütün bunları əla fikirləşmişdim – Pinkni və Klementina barəsində – necə bilirsən, Co? Bu gün camaşırxanada bir qız ütü ilə əlimi yandırandan sonra evə gələrkən yolboyu qızardılmış çörək barədə bu hadisəni uydurdum. İncimirsən ki, Co? Axı mən işə düzəlməsəydim, bəlkə, sən də öz etüdlərini peoriyalı cənaba sata bilməzdin.

– O, əslində, Peoriyadan deyil, – o bu sözləri qısa fasilələrlə söylədi.

– Onun haradan olması vacib deyil. Amma əhsən sənə, Co! De görüm, zəhmət olmasa… yox, əvvəlcə məni öp… lütfən, de görüm, sən nədən başa düşdün ki, mən dərs demirəm?

– Mən bilmirdim… son dəqiqələrə qədər, – Co dedi. – Elə indi də bilməyəcəkdim, amma bu gün qazanxanadan yuxarı – camaşırxanaya əlini ütü ilə yandırmış hansısa qız üçün bint və məlhəm göndərəsi oldum. Artıq mən iki həftə olar ki, o camaşırxananın qazanxanasında işləyirəm.

– Deməli, sən…

– Mənim peoriyalı alıcım eynən sənin Pinknin kimidir – sadəcə, sənət əsəridir, yeri gəlmişkən, nə rəssamlıqla, nə də musiqi ilə heç bir əlaqəsi yoxdur.

Hər ikisi güldü və Co danışmağa başladı:

– Əgər incəsənəti sevirsənsə, heç bir…

Amma Dili əli ilə ərinin ağzını tutdu, sözünü tamamlamağa imkan vermədi.

– Yox, – o dedi, – sadəcə, əgər sevirsənsə…




POLİS və XORAL[18 - Xoral – kilsədə xor şəklində oxunan dua]


Medison bağında Sopi öz skamyasında oturub qurdalanırdı. Əgər vəhşi qazlar gecələr səmanın yüksəkliklərinə qalxırlarsa, mantosu olmayan qadınlar ərlərinə qarşı daha nəvazişli olurlarsa, Sopi isə parkda öz skamyasında qurdalanmağa başlayırsa, bu o deməkdir ki, artıq qış qapını kəsdirib.

Sopinin dizinin üstünə sarı yarpaq düşdü. Bu, Şaxta babanın vizit kartı idi; bu qoca Medison bağının daimi sakinlərinə qarşı xeyirxah idi və yaxın vaxtlarda gəlməsi barədə onları vicdanla xəbərdar edirdi. Dörd yolayrıcında o, kartını şimal küləyinə, “Açıq səma altında” mehmanxanasının qapıçısına təqdim edirdi ki, kirayənişinlər hazırlaşa bilsinlər.

Sopi başa düşdü ki, yaxınlaşan soyuqdan qorunmaq üçün vəsait və yollar axtarmaq məqsədi ilə şəxsi komitə yaratmağın vaxtı çatıb. Elə ona görə də skamyasında oturub qurdalanırdı.

Sopinin qış planları məxsusi şöhrətpərəstlikdən xəbər vermirdi. O nə cənub səması, nə də Neapolitan körfəzində dayanmaqla Aralıq dənizi boyunca yaxta səyahəti arzulayırdı. Adada üçaylıq həbs – onun qəlbi bu həsrətlə alışıb-yanırdı. Üç ay etibarlı sığınacaq və yemək təminatı, polislərin və soyuğun təcavüzündən uzaq gözəl kompaniya, həqiqətən, Sopinin ən böyük arzusu idi.

Artıq bir neçə il idi ki, Adadakı qonaqpərvər həbsxana onun üçün qış mənzilini əvəz edirdi. Necə ki şəhərin xoşbəxt vətəndaşları Floridaya və yaxud Rivyeraya bilet alırdılar, Sopi də eləcə Adanı ziyarət etmək üçün o qədər çətin olmayan hazırlıq işləri görürdü. Artıq həmin vaxt yetişmişdi.

Keçən gecə bazar günü çıxan üç qəzetin birini pencəyinin altına sərdi, biri ilə ayaqlarını bürüdü, üçüncüsünü dizlərinə bağladı – ancaq soyuqdan qoruna bilmədi: o, fəvvarənin yanındakı skamyanın üstündə çox narahat bir gecə keçirdi. Ona görə də Ada onun gözünə arzulanan və vaxtı çatmış sığınacaq kimi görünürdü. Sopi şəhərdə hökm sürən səfalətlə bağlı mərhəmət adına göstərilən qayğılara nifrət edirdi. Onun fikrincə, qanun filantropiyadan[19 - Filantropiya (yunan. – insanı sevmək) – xeyriyyə işləri ilə məşğul olmaq, ehtiyacı olan insanlara yardım etmək] bir qədər mərhəmətlidir. Şəhərdə saysız-hesabsız ictimai və xüsusi xeyriyyəçilik müəssisələri var idi ki, kiçicik bir xahişlə onlardan daldalanacaq və ərzaq ala bilərdi. Amma Sopinin qürurlu təbiətinə xeyriyyəçilikdən əldə olunan bəxşişlər ağır gəlirdi. Filantropların əlindən qəbul etdiyin hər cür yaxşılığa görə pul ödəməsən də, alçalmaqla mütləq əvəzini qaytarmalısan. Hər mərhəmət çarpayısı məcburi vanna ilə, hər bir loğma çörək isə ruhuna icazəsiz soxulanlar ilə müşayiət olunurdu. Belə olduğu halda həbsxananın kirayənişini olmaq daha yaxşı deyildimi? Orada, əlbəttə, hər şey qəbul olunmuş ciddi qaydalara əsaslanır, amma heç kim centlmenin şəxsi işlərinə burnunu soxmur.

Beləliklə, qış mövsümünü Adada keçirmək qərarına gələn Sopi planını təcili olaraq həyata keçirmək məqsədi ilə işə başladı. Həbsxanaya getməyin çoxlu asan yolları var idi. Ən münasib yol isə restorandan keçirdi. Yaxşı restoranların birində gözəl nahar sifariş verirsən, doyunca yeyirsən, sonra isə borcunu ödəyə bilmədiyini bəyan edirsən. Heç bir dava-dalaşa yol vermədən səni polisə təhvil verirlər. Üzüyola hakim xeyirxah işi sona çatdırır.

Sopi qalxdı, parkdan çıxaraq Brodveylə Beşinci küçəni qovuşduran asfaltlanmış dəhlizlə addımlamağa başladı. Gur işıqları olan kafenin yanında dayandı. Üzüm suyunun, ipəkqurdu istehsalının və protoplazmanın[20 - Protoplazma (yunan. – ilk, birinci) – canlı toxuma, hüceyrə. Bu termin ədəbiyyata 1839-cu ildə gətirilib və XX əsrin əvvəllərinə qədər bədii ədəbiyyatda da geniş istifadə olunurdu.] verə biləcəyi yaxşı nə varsa, axşamlar burada cəmləşir.

Sopi jiletinin aşağı düyməsindən ta yuxarıya qədər özünə arxayın idi: üzünü təmiz qırxmış, münasib pencək geyinmişdi, qara rəngli gözəl qalstuku isə ona Şükranlıq günündə[21 - Şükranlıq günü – rəsmi amerikan bayramı; Yeni Dünyada ilk məhsul yığımı şərəfinə (noyabrın axırıncı cümə axşamı) Yeni İngiltərənin kolonistləri tərəfindən təsis edilmişdir.] bir missioner qadın bağışlamışdı. Əgər diqqət çəkmədən özünü masaya yetirə bilsə, deməli, müvəffəqiyyət təmin olunmuşdur. Bədəninin masadan yuxarı görünən hissəsi ofisiantda heç bir şübhə doğurmayacaqdı. Sopi düşündü ki, əvvəlcə qızardılmış ördək və bir şüşə şərab sifariş versin. Sonra isə pendir, bir fincan qara qəhvə və siqar. Birdollarlıq siqar yerinə düşər. Hesab yüksək olmaz və kafe rəhbərliyi qisas məqsədi ilə sərt tədbirlərə əl atmaz. O isə bu cür nahardan sonra ləzzətlə öz qış sığınacağına səyahətə başlaya bilər.

Lakin Sopi restoranın kandarına ayaq basan kimi baş ofisiantın iti gözləri dərhal onun sürtülmüş şalvarını və əyilmiş çəkmələrini gördü. Qüvvətli, çevik əllər cəld onu çevirdi və sakitcə küçəyə ötürdü. Bununla da ördəyin canı onun üçün hazırlanmış kədərli taledən qurtardı.

Sopi Brodveydən geri qayıtdı. Belə düşünürdü ki, onun Adaya gedən yolu qızılgüllərlə bəzədilməyəcək. Nə etməli? Cənnətə daxil olmaq üçün başqa üsullar axtarmaq lazımdır.

Altıncı küçənin axırında müxtəlif mallarla gözəl bəzənmiş vitrinlərin gur işıqları yoldan ötənlərin nəzərini cəlb edirdi. Sopi yerdən bir daş götürüb şüşəyə atdı. Tindən çıxan adamlar ora-bura qaçışdılar. İrəlidə isə polis yüyürürdü. Sopi əllərini cibinə salıb dayandı və polisin qarşısında gülümsəməyə başladı.

– Bunu kim edib? – polis tələsik xəbər aldı.

– Sizə elə gəlmir ki, bu işdə mənim barmağım var? – Sopi xəfif istehzayla, lakin öz böyük uğuruna sevinən adam təki mehribancasına soruşdu.

Polis Sopini heç fərziyyə kimi də qəbul etmək istəmədi. Mağazaların vitrinlərini daşla qıran adamlar qanun keşikçiləri ilə danışığa girmirlər. Onlar o dəqiqə dabanlarına tüpürüb qaçırlar. Polis məhəllənini axırında tramvaya çatmaq üçün qaçan adamı gördü və dəyənəyini qaldırıb onun arxasınca yüyürdü. Sopi qəlbində ikrah hissi ilə yoluna davam etdi. İkinci uğursuzluq…

Küçənin qarşı tərəfində xüsusi tələbləri olmayan bir restoran yerləşirdi. O, böyük iştahası və az pulu olanlar üçün nəzərdə tutulmuşdu. Qab-qacağı və havası ağır, süfrəsi bəzəksiz və şorbaları dadsız idi. Bu mədə məbədgahına Sopi öz eyibli çəkmələrini və sürtülmüş şalvarını əngəlsiz keçirə bilərdi. O, masa arxasında oturub bifşteks, bir porsiya oladya[22 - Oladya – buğda unundan hazırlanmış kökə] və bir tikə piroq yedi. Sonra isə restoran xidmətçisinin nəzərinə çatdırdı ki, lap xırda qəpiklərlə də ümumi tanışlığı yoxdur.

– Yaxşı, indi isə, – Sopi dedi, – tez olun! Polisi çağırın. Lütfən, cəld tərpənin, centlmeni gözləməyə məcbur etməyin.

– Polissiz də keçinərsən! – ofisiant yağlı bulka kimi yumşaq səslə dilləndi və kokteyldəki albalıya oxşar gözləri işıldadı, – ey, Kon, kömək elə!

İki ofisiant Sopini səliqə ilə sol qulağı üstə səkinin üstünə yıxdı. O, uzun dülgər xətkeşi kim yerdən hissə-hissə qalxdı, paltarının tozunu çırpdı. Həbs olunmaq ona xoş arzu, Ada isə əlçatmaz xəyal kimi görünürdü. İki ev aralıdakı aptekin yanında dayanan polis gülüb yoluna davam etdi.

Sopi bəxtini bir daha sınamaq üçün cəsarət toplamazdan əvvəl beş məhəllə dolaşası oldu. Ciddi və gözəl geyinmiş cavan bir qadın mağazanın vitrini qarşısında dayanmışdı, üz qırxmaq üçün ləyənçələrə və mürəkkəbqabılara baxırdı. İki addım kənarda isə zorba, zabitəli bir polis dirsəyini yanğınsöndürən krana söykəyib özünü nümayiş etdirirdi.

Sopi ikrah doğuran küçə arvadbazı rolunu oynamaq qərarına gəldi. Nişan aldığı qadının münasib xarici görkəmi və heybətli polisin yaxında olması tezliklə polisin güclü əlini çiynində hiss edəcəyinə və qış mövsümünü rahat adacıqda keçirəcəyinə təminat verirdi.

Sopi missioner xanımın hədiyyəsi olan qalstuku düzəltdi, sözə qulaq asmayan manjetini çölə çıxardı, şlyapasını rəşadətlə yan qoydu və düz gənc qadına sarı addımladı. O, şuxluqla qadına göz vurdu, qaqqıldadı, gülümsədi, öskürdü, bir sözlə, küçə avaralarına məxsus bütün klassik fəndlərdən həyasızcasına istifadə etdi. Sopi gözünün ucu ilə baxıb gördü ki, polis diqqətlə onu izləyir. Gənc qadın bir neçə addım kənara çəkildi və yenidən ləyənçələrə baxmağa başladı. Qadının arxasınca gedən Sopi sırtıqcasına onunla yanaşı dayandı və şlyapasını qaldırıb dedi:

– Ah, siz necə də gözəlsiniz! Bir az gəzişək?

Polis izləməkdə davam edirdi. Təhqir olunmuş gənc qadının barmağını qaldırması kifayət edərdi ki, polis özünü yetirsin. Sopi artıq polis məntəqəsinin istiliyini və rahatlığını canında hiss edirdi. Amma birdən Sopiyə tərəf çevrilən gənc qadın onun əlindən tutdu.

– Məmnuniyyətlə, Mayk! – qadın sevinclə dilləndi. – Pivəyə qonaq edərsən? Mən elə əvvəldən səninlə danışardım, amma polis baxırdı.

Gənc qadın sarmaşıq palıd ağacına dolaşan kimi Sopinin ətrafında dolanırdı. Beləliklə, o, qadınla əl-ələ qanun keşikçisinin yanından ötub-keçdi. Müsbət olanı o idi ki, Sopi azadlıqdan ləzzət almağa məhkum olunmuşdu. Yaxınlıqdakı küçədə o, yol yoldaşından kənarlaşıb aradan çıxdı. O, reklam işıqları ilə bəzədilmiş məhəllədə dayandı. Bu məhəllədə insanlar da, qəlblər də, musiqi də eyni dərəcədə xoşagəlimli idi. Qadınlar xəzlərində, kişilər isə isti paltolarında soyuq küləklə mehriban ünsiyyətə girmişdilər. Sopini qəfil qorxu hissi bürüdü. Bəlkə, hansısa yaman caduların hesabına o, polislərin qarşısında dişbatmaz olub? Çaşıb-qalmışdı. Polisin yanına çatdığı zaman teatrın işıqlandırılmış girişi qarşısında vüqarla dayandı və “ictimai yerdə xuliqanlıq” adlanan sonuncu saman çöpündən yapışmaq qərarına gəldi.

Sopi xırıltılı səsi ilə gücü çatdığı qədər hansısa mahnını keflilərsayağı bağırmağa başladı. O, səkinin üstündə rəqs eləyir, bağırır, ədabazlıq edir – asayişi pozmaq naminə bütün üsullardan yararlanırdı. Polis dəyənəyini fırladı və arxasını qalmaqalçıya çevirərək yoldan ötən birinə dedi:

– Bu, tələbədir. Onlar bu gün Hartford kollecinin futbol komandası üzərində çaldıqları qələbəni bayram edirlər. Səs-küy salırlar, amma bu, təhlükəli deyil. Bizi təlimatlandırıblar ki, onlara toxunmayaq.

Çarəsiz Sopi heç nəyə yaramayan canfəşanlığına son qoydu. Doğrudanmı, bir polis tapılmayacaq ki, onun yaxasından yapışsın? Adadakı həbsxana ona əlçatmaz arzu kimi görünməyə başladı. O, nazik pencəyini bərk-bərk düymələdi: soyuq bütün bədəninə işləyirdi.

Tütün dükanında Sopi qaz borucuğunda siqar çəkən cənabı gördü. O, ipək parçadan olan çətirini girişdə qoymuşdu. Sopi kandarı adladı, çətiri götürdü və yavaş-yavaş geri qayıtmağa başladı. Siqarlı adam cəld onun arxasınca düşdü.

– Bu mənim çətirimdir, – o, ciddi şəkildə dedi.

– Doğrudan? – Sopi soyğunçuluğa əlavə kimi həyasızcasına gülümsədi, – bəs nə üçün polis çağırmırsınız? Bəli, çətirinizi götürmüşəm. Ona görə də polis çağırın! Bax o, tində dayanıb.

Çətirin sahibi addımını yavaşıtdı. Sopi də həmçinin. O artıq hiss etdi ki, tale yenidən onunla amansız oyun oynayır. Polis maraqla onlara baxırdı.

– Görünür, – siqarlı adam dedi, – əlbəttə… siz… bir sözlə, belə səhvlər olur… Əgər bu sizin çətirinizdirsə… düşünürəm ki, məni bağışlayarsınız… mən bu gün onu restorandan götürmüşəm… Əgər siz onu özünüzünkü hesab edirsinizsə… nə olar… olsun.

– Əlbəttə, bu mənim çətirimdir, – Sopi hirslə dedi.

Çətirin əvvəlki sahibi geri çəkildi. Polis isə əynində dəbdəbəli manto olan hündür, sarışın qadına kömək etməyə tələsdi: ona küçəni keçməyə kömək etmək lazım idi, çünki iki məhəllə aralıda tramvay görünürdü.

Sopi təmir nəticəsində eybəcər hala salınmış küçə ilə şərqə tərəf üz tutdu. O, dəbilqəli və dəyənəkli adamlara lənətlər yağdıra-yağdıra çətiri hirslə çalaya tulladı. Onların əlinə keçməyi nə qədər arzulasa da, ona müqəddəs Roma papası kimi baxırdılar.

Nəhayət, Sopi, demək olar ki, heç bir təlaşın və səs-küyün olmadığı küçələrdən birinə çatdı və Medison bağına doğru addımladı. Görünür, insanı doğma ocağa çəkən instinkt hətta bu evi parkdakı skamya əvəz eləsə də, heç zaman ölmür.

Lakin Sopi xüsusilə sakit olan dalanların birində qəflətən dayandı. Burada sivri damı olan köhnə kilsə yerləşirdi. Pəncərənin birinin bənövşəyi şüşəsindən xəfif işıq süzülürdü. Görünür, bazar günü xoralını ifa etmək üçün içəridə adamlar toplaşmışdılar. Çünki Sopinin qulaqlarına musiqinin həzin sədaları dəyirdi və o, çuqun barmaqlıqlara sıxılaraq duruxub qaldı.

Ay sakitcə doğub gecəni işıqlandırırdı; faytonlara və yoldan ötənlərə az-az rast gəlmək olurdu; damların altında sərçələr yuxulu-yuxulu cikkildəşirdilər – düşünmək olardı ki, adam kənd qəbiristanlığındadır. Orqan alətinin müşayiəti ilə ifa olunan xoral Sopini çuqun barmaqlığa bənd etmişdi, çünki o bu musiqini əvvəllər çox eşitmişdi – o vaxtlar onun həyatında anası var idi, o vaxtlar onun həyatında cəsarətli məqsədlər, dostlar, təmiz fikirlər və təmiz yaxalıqlar var idi.

Qədim kilsənin pəncərələrindən süzülən musiqinin təsiri altında Sopinin qəlbində qəfil və qəribə dəyişikliklər baş verdi. O yuvarlandığı bədbəxtliyi, məhv olmuş ümidləri, mövcud həyatını doğuran dəyişməz səbəbləri dəhşətlə xatırladı. Ürəyi yeni əhvalına uyğun ahənglə döyün- məyə başladı. O, qəfil özündə qara taleyi ilə mübarizə aparmaq qüvvəsi hiss etdi. Çirkabdan qurtulacaq, yenidən düzgün adam olacaq, onu öz əsirinə çevirən yamanlıqlara qalib gələcəkdi. Hələ vaxt var, o cavandır. Əvvəlki saf arzularını bərpa edib onları həyata keçirmək naminə bütün qüvvəsini səfərbər edə bilər. Orqanın təntənəli, buna rəğmən şirin, doğma musiqisi onda dönüş yaratmışdı. Qəti qərara gəlmişdi: sabah səhər o, şəhərin işgüzar hissəsinə gedəcək, özünə iş tapacaq. Bu günlərdə bir xəz ustası ona yükdaşıyan yeri təklif etmişdi. Elə günü sabah onu axtarıb tapacaq və bu işə götürülməsini ondan xahiş edəcək. O, adam olmaq istəyir. O…

Sopi kiminsə əlini çiynində hiss etdi. Tələsik nəzər saldığı zaman qarşısında polisin enli sifətini gördü.

– Burada nə edirsiniz? – polis soruşdu.

– Heç nə, – Sopi cavab verdi.

– Onda gedək, – deyə polis Sopinin boynunun ardından tutub itələdi.

– Üç aylığa Adaya, – ertəsi gün hakim belə bir qərar çıxardı.




YALANÇI PARILTI


Mister Tauers Çendler otağında bayırlıq kostyumunu ütüləyirdi. Ütünün birini qızmaq üçün qaz pilətəsinin üstünə qoymuşdu, o birini isə səylə irəli-geri itələyərək istədiyi qatı almağa çalışırdı; bir azdan onun laklı çəkmə- lərindən ta jiletinin ensiz yarığının uclarınadək ox kimi necə dümdüz uzandığını görmək olacaqdı. Bizim qəhrəmanın geyimi barədə söylədiklərimiz elə bunlardan ibarətdir. Qalanlarını isə qoy alicənab səfalətin rəzil kə- ləkbazlığa vadar etdiyi şəxslərin özləri tapsınlar. Biz mister Çendleri ucuz mebelli otaqların pilləkənləri ilə endiyi zaman yenidən görəcəyik; səliqəli geyinmiş, özündənrazı, yaraşıqlı, zahiri görünüşcə tipik nyu-yorklu klub adamı – bir qədər darıxdırıcı görkəmi ilə əyləncə gecələrinə tələsən əyyaş.

Çendler həftəyə on səkkiz dollar alırdı. O, bir memarın kontorunda işləyirdi. İyirmi iki yaşı vardı. Arxitekturanı əsl incəsənət hesab edir və səmimi-qəlbdən inanırdı ki – amma bu barədə Nyu-Yorkda bəyanat verməyə risk etmirdi – məşhur “Ütü” göydələni[23 - “Ütü” göydələni (ing. Flatiron Building) – 1902-ci ildə Nyu-York şəhərində inşa edilib. Memarı Daniel Bernhemdir. 82 m-lik bina vaxtilə dünyanın ən hündür göydələni hesab olunurdu. Bina öz formasına görə öndən ütüyə bənzəsə də, maraqlıdır ki, yandan və arxadan adi, dördkünc tikiliyə bənzəyir, başqa sözlə, vizual aldadıcı görkəmi var. Dünyanın 11 ən yaxşı binası siyahısında özünə yer eləyə bilib.] öz memarlıq üslubu ilə Milan kilsəsindən[24 - Milan kilsəsi – İtaliyanın ən gözəl memarlıq nümunələrindən biridir. Bu, Avropada mərmərdən hazırlanmış və qotika üslubunda yeganə kilsədir. Kilsənin tikilişi 1386-cı ildə başlasa da, 1765-1769-cu illərdə inşaat işləri başa çatmış, fasadı isə XIX əsrdə tamamlanmışdır. Kilsənin hündürlüyü 106,5 metrdir.] geri qalır.

Çendler hər həftə maaşından bir dollar qırağa qoyurdu. Hər onuncu həftənin axırı bu üsulla topladığı kapitala simic Zaman Atanın dükanından bir axşam qopararaq əsl centlmen kimi əylənə bilirdi.

Özünü milyonerlərə və krallara xas reqaliyalarla[25 - Reqaliya – hökmdarlara məxsus olan əşya] bəzəyər, şəhərin reklam və vitrinlərinin daha gur işıq saçdığı hissəsinə gedər, ləzzət və təmtəraqla nahar edərdi. Cibindəki on dolların hesabına bir neçə saat varlı avara rolunu məharətlə oynamaq mümkün idi. Bu məbləğ yaxşı nahara, münasib etiketli bir şüşə çaxıra, çaypuluna, siqara, faytona və s.-yə kifayət edirdi. Yetmiş cansıxıcı axşamın hesabına əmələ gələn bu nəşəverici axşam vaxtaşırı doğulan səadətin əsasını təşkil edirdi.

Qızların cəmiyyət içinə ilk addımı yalnız bir dəfə olur; saçları ağaranda da həmin an onun yaddaşında xoşbəxt və təkrarolunmaz bir hadisə kimi yaşayır. Çendler də hər on həftədən bir bu axşamdan ilk dəfə olduğu kimi böyük ləzzət alırdı: palma ağaclarının altında kef əhlinin əhatəsində oturub bu cənnətin sakinlərini seyr eləmək və onların baxışlarını öz üzərində hiss etmək, qat-qat paltarlı gənc debütant qızın ilk valsına dəvət almaq… Bütün bunlar müqayisəedilməz idi.

Çendler Brodvey səyyar ziyafət paltarları sərgisinin tamhüquqlu iştirakçısı kimi addımlayırdı. Bu axşam o, təkcə tamaşaçı yox, həm də ekspert idi. Növbəti altmış doqquz günü o, köhnə kostyum geyinəcək, təsadüfi barların piştaxtası arxasında mənşəyi bəlli olmayan ümumi süfrə yeməkləriylə, öz otağında isə buterbrodlarla və pivə ilə qidalanacaqdı. Lakin bu onu təşvişə salmırdı. Axı o, nəhəng zahiri parıltılı şəhərin əsl oğlu idi və Brodvey fənərlərinin işıqlandırdığı bir axşam onun qüssə içində keçirdiyi çoxsaylı axşamların yerini doldururdu.

O elə hey addımlayırdı. Budur, artıq qırxıncı küçə həzzə aparan yolun işıqları ilə kəsişməyə başladı; hələ tez idi, amma insan yüksək cəmiyyətlə yetmiş gün ərzində cəmi bir dəfə ünsiyyətə girirsə, o zaman bu ləzzətin ömrünü uzatmaq istəyir. Parlaq, qaşqabaqlı, maraq dolu, məftun, meydan oxuyan, cəzbedici baxışlar ona dikilmişdi, çünki geyimi və görkəmi onun fərəhli və həzz dolu saatların pərəstişkarı olduğunu təsdiq edirdi.

Tinlərin birində dayanıb düşünürdü ki, bəlkə, artıq geriyə qayıtmağın, bədxərc vaxtlarında nahar etdiyi dəbdə olan təmtəraqlı restoranlardan birinə getməyin vaxtı çatıb? Elə bu an sürətlə tini burulmaq istəyən bir qız buzda sürüşərək şappıltı ilə səkinin üstünə yıxıldı. Çendler dərhal nəzakətlə ona qalxmağa kömək etdi. Qız axsaya-axsaya yaxınlaşıb divara söykəndi və utana-utana Çendlerə minnətdarlığını bildirdi.

– Deyəsən, ayağımı zədələmişəm, – qız ayağının burxulduğunu hiss edib dedi.

– Çox ağrıdır? – Çendler soruşdu.

– Yalnız ayağımı yerə bərk basanda. Məncə, bir neçə dəqiqədən sonra yeriyə bilərəm.

– Mən sizə kömək edə bilərəmmi? – gənc oğlan təklif etdi, – istəyirsinizsə, fayton çağırım, ya da…

– Təşəkkür edirəm, – qız astadan, amma minnətdarlıq hissi ilə söylədi. – Düz sözümdür, narahat olmağa dəyməz. Necə oldu axı yıxıldım?! Deyəsən, ayaqqabımın dabanları boş imiş.

Çendler qıza baxdığı zaman ona olan marağının sürətlə artdığına əmin oldu. Qız zərif və qəşəng idi, şux və mehriban baxışları vardı. Əynindəki qara rəngli sadə donu satıcıların geyindiyi paltara bənzəyirdi. Yeganə bəzəyi məxmər lent olan ucuz həsir şlyapasının altından parlaq, tünd-şabalıdı saçları görünürdü. Ona baxmaqla əsl zəhmətkeş bir qızın portretini çəkmək olardı.

Birdən gənc memarın ağlına yeni fikir gəldi. O, qızı nahara dəvət edəcəkdi. Onun təmtəraqlı, lakin tənha ziyafətində məhz bu çatışmırdı. Qısamüddətli gözəl məclisi qadınla birlikdə keçirə bilsə, bunun ləzzəti ikiqat artıq olardı. O, qarşısındakı qızın nəcibliyinə qətiyyən şübhə etmirdi – danışığı və ədası bunu təsdiqləyirdi. Sadə geyiminə baxmayaraq, gənc hiss edirdi ki, onunla bir masa arxasında oturmaq xoşuna gələcək. Bu fikirlər ağlına batdığı üçün o, qəti qərar qəbul elədi. Bəlkə də, o, ədəb qaydalarını pozdu, amma öz zəhməti hesabına yaşayan qızlar belə vəziyyətlərdə nadir hallarda rəsmiyyətə üstünlük verirlər. On dolları ağıllı-başlı xərcləyə bilsə, ikilikdə gözəl nahar edə bilərlər. Qızın boz həyatında bu naharın necə gözəl bir hadisə olacağını təsəvvür etmək çətin deyildi; qızın əsl heyranlığı sayəsində onun qələbəsi və aldığı həzz daha şirin olacaqdı.

– Fikrimcə, – o, ciddi şəkildə dedi, – ayaqlarınızın dincəlməsi üçün hesab etdiyinizdən daha artıq vaxt tələb olunur. Mən sizə kömək etmək istəyirəm, eyni zamanda mənə də lütfkarlıq etmiş olacaqsınız. Siz tindən çıxdığınız vaxt mən kədərli tənhalıqla baş-başa nahar etməyə hazırlaşırdım. Gedək, rahat bir şəraitdə oturarıq, nahar edərik, söhbətləşərik. Bu müddət ərzində ayağınızın ağrısı da azalar və əminəm ki, evə asanlıqla gedib çıxacaqsınız.

Qız Çendlerin xoşagələn və aydın sifətinə ötəri nəzər saldı, gözləri alışıb-yandı və mehribancasına gülümsədi.

– Amma biz tanış deyilik… belə, deyəsən, yerinə düşmür, – qız tərəddüdlə dilləndi.

– Burada pis heç bir şey yoxdur, – o, sadəlövhlüklə dedi. – İcazənizlə, özümü təqdim edim: mister Tauers Çendler. Naharın sizin üçün mümkün qədər yaxşı keçməsinə çalışacağım. Nahardan sonra isə sizinlə vidalaşarıq, ya da icazə versəniz, evinizə qədər ötürərəm.

– Əlbəttə, amma belə paltarda, bu şlyapada! – qız Çendlerin qüsursuz kostyumuna nəzər salıb söylədi.

– Bu, vacib deyil, – Çendler sevincək dilləndi, – doğrusu, siz bu geyimdə orada olacaq istənilən dəbdəbəli qadından daha cazibədar görünürsünüz.

– Ayağım hələ də ağrıyır, – qız tərəddüdlə addım ataraq etiraf etdi. – Görünür, ziyafət təklifinizi qəbul etməli olacağam. Mənə… miss Merian deyə bilərsiniz.

– Onda getdik, miss Merian, – gənc memar şuxluqla, lakin nəzakətlə dedi. – Sizə uzağa getmək lazım gəlməyəcək. Yaxınlıqda münasib bir restoran var. Qoluma girin… bax belə… və yavaş-yavaş getdik. Təklikdə nahar etmək darıxdırıcıdır. Sürüşdüyünüzə hətta bir az sevinirəm də.

Onları yaxşı bəzənmiş masanın ətrafında əyləşdirən ofisiant qarşılarında sual verirmiş kimi dayandığı vaxt Çendler hər dəfə kübar həyata çıxarkən keçirdiyi məmnunluq hissini təkrarən yaşadı. Bu restoran onun Brodveydən bir qədər kənarda bəyənib seçdiyi restoran kimi dəbdəbəli deyildi, lakin çox az şeydə ondan geri qalırdı. Masanın arxasında varlı müştərilər oturmuşdu. Orkestrin ifası yaxşı idi və xoş söhbətə mane olmurdu, yeməklərə və qulluğa söz ola bilməzdi. Onun masa yoldaşı sadə paltarına və ucuz şlyapasına baxmayaraq, özünü ləyaqətlə aparırdı və bu onun üzünün və əndamının gözəlliyinə xüsusi məlahət verirdi. Onun özünü təmkinli aparmasına baxmayaraq, tez-tez Çendlerə baxdığı hiss olunurdu. Qız onun şən və təmiz göy gözlərinə, demək olar ki, heyranlıqla baxırdı. Elə bu zaman Çendlerin varlığına Manhettenin ağılsızlığı, mənasızlıq və şöhrətpərəstliyin azğınlığı, lovğalıq basili[26 - Basil – mikrob], çox ucuz ədabaz- lığın yaratdığı taun hakim kəsildi. O, Brodveydədir… hər tərəfdən parıltı və dəbdəbə süzülür, tamaşaçı da nə qədər istəsən. O özünü səhnədə hiss edib birgünlük varlı bir kübar avara və ağzının dadını bilən adam rolu oynamaq qərarına gəldi. Kostyumu roluna uyğun gəlirdi və heç bir qoruyucu mələk ona bu rolu oynamağa mane ola bilməzdi.

Beləliklə, o, miss Meriana klub və banketlər, qolf və at yürüşləri, kotilyonlar[27 - Kotilyon – qədim rəqs növü], xarici ölkələrə səyahətlər barədə yalanlar danışmağa başladı, hətta Larçmontda yaxtası olduğuna da işarə vurdu. Boşboğazlığının qızda müəyyən təəssürat oyatdığını gördükdə həvəslənib milyonlar barədə yeni yalanlar quraşdırdı və adətən, meşşanların köks ötürərək şərəflə söylədikləri bir neçə soyadı yada saldı. Bu zaman kəsiyi ona məxsus idi və ondan yaxşı hesab etdiyi nə vardısa, qoparmağa çalışırdı. Amma bu, deyəsən, qızda elə bir maraq oyatmadı.

– Sizin haqqında danışdığınız həyat tərzi, – qız dedi, – mənə çox mənasız və dəyərsiz görünür. Doğrudanmı, bu geniş dünyada özünüzə elə bir iş tapa bilmirsiniz ki, o sizin üçün maraqlı olsun?

– İş?! – o, ucadan dedi. – Əzizim miss Merian! Təsəvvür etməyə çalışın ki, hər gün nahara çıxarkən geyiminizi dəyişmək, dostlarla görüşdə iştirak etmək lazımdır; maşının sürətini isə uzunqulağın yerişindən azca yüksək etdikdə tində gözləyən polislər üstünə cumub dərhal səni məntəqəyə aparacaqlar! Yer üzünün ən işlək adamları elə bizim kimi avaralardır.

Nahar mərasimi sona çatdı, ofisiant səxavətlə mükafatlandırıldı; onlar restorandan çıxıb tanışlıqlarının baş tutduğu küçənin tininə gəlib çatdılar. Miss Merian indi çox yaxşı yeriyirdi, axsadığı, demək olar ki, hiss olunmurdu.

– Keçirdiyimiz gözəl axşama görə sizə təşəkkür edirəm, – qız səmimi-qəlbdən etiraf etdi. – Nahar çox xoşuma gəldi, mister Çendler. Yaxşı, indi isə evə qaçmalıyam.

Memar nəzakətlə gülümsəyib qızın əlini sıxdı və öz klubu barədə nəsə söylədi. Bir anlıq dayanıb şərq istiqamətində tələsik gedən qıza baxdı, sonra fayton saxlatdırıb evinə sarı yol aldı. Öz rütubətli otağında bayırlıq kostyumunu qatladı və dincəlmək üçün ona altmış doqquz gün vaxt verdi. Sonra oturub fikirləşməyə başladı.

– Bax əsl qız buna deyərəm! – o, ucadan söylədi. – Bir tikə çörəyə görə işləməli olsa belə, onun düzgün qız olduğuna başımla cavabdehəm. Kim bilir, mən bu sarsaq cəfəngiyatı uydurmaqdansa, ona düzünü söyləsəydim, bəlkə də, biz… eh, hər şey cəhənnəm olsun! Kostyuma görə məcbur oldum.

Zəmanəmizin manhettenlər qəbiləsinin[28 - Manhetten qəbiləsi – yazıçı burada satirik kinayədən istifadə edir. Əslində, Manhetten Nyu-Yorkun zəngin adamlarının yaşadığı ən nüfuzlu hissəsidir (red.).] viqvamlarında[29 - Viqvam – maral dərisindən tikilmiş hindu çadırı] doğulub boya-başa çatmış yırtıcının mülahizələri bundan ibarət idi.

Kavalerindən ayrılan qız tez-tez addımlayaraq düz şərq tərəfə istiqamət götürdü və iki məhəllə keçdikdən sonra Beşinci küçəyə çıxışı olan gözəl, iri bir malikanənin yanına çatdı. O, tələsik evə daxil oldu və gözəl, gənc bir qızın dəbdəbəli ev paltarında durub narahat-narahat pəncərədən baxdığı otağa qalxdı.

– Ay səni, dəli! – o, kiçik bacısını gördüyü zaman ucadan dedi. – Sən bu cür hərəkətlərinlə bizi nə vaxta kimi qorxudacaqsan? Artıq iki saatdır ki, Merinin şlyapasında və bu cındır paltarda evdən çıxmısan. Anam dəhşətli dərəcədə təşvişə düşüb. O, bütün şəhərdə səni axtarmaq üçün Luini maşınla göndərib. Sən yaramaz və səfeh qızsan!

O, düyməni basdı, həmin dəqiqə xidmətçi otağa daxil oldu.

– Meri, anama söylə ki, miss Merian qayıdıb.

– Deyinmə, bacıcan. Madam Teogilə qaçdım ona deyim ki, çəhrayı rəngli tikmənin yerinə bənövşəyisini qoysun. Amma bu paltar və Merinin şlyapası işimə yaman yaradı. Hamı məni satıcı kimi qəbul edirdi.

– Nahar artıq qurtarıb, əzizim, sən gecikmisən.

– Bilirəm. Başa düşürsən, mən səkidə sürüşdüm və ayağımı əzdim. Zədəli ayaqla yeriyə bilməzdim. Birtəhər yaxındakı restorana çatdım və özümü yaxşı hiss edənə kimi orada oturdum. Gecikməyimin də səbəbi bu idi.

Pəncərənin qarşısında oturan qızlar parlaq işıqsaçan fənərə və işıqları sayrışan faytonlara baxırdılar. Kiçik bacı başını böyük bacının dizinə qoyub ona qısılmışdı.

– Nə vaxtsa ərə gedəcəyik, – o, xəyala dalmış vəziyyətdə dilləndi, – sən də, mən də. Pulumuz o qədər çoxdur ki, onlar bizə yaxşı ailələrə düşməyə imkan verəcək. İstəyirsən, bacıcan, deyim mən necə adamı sevə bilərəm?

– Hə, söylə, boşboğaz, – böyük bacı gülümsədi.

– İstəyirəm ki, sevdiyim adamın mehriban, göy gözləri olsun, o, kasıb qızlara şərəf və ehtiramla yanaşsın, yaraşıqlı və xeyirxah olsun, sevgini əyləncəyə çevirməsin. Mən onu ancaq o zaman sevə bilərəm ki, həyatda aydın məqsədi, faydalı işi olsun. Qoy lap kasıb olsun, buna əhəmiyyət vermərəm, hər şey edərəm ki, onu öz məqsədinə çatmağa köməklik göstərə bilim. Amma bacıcan, bizi bütün həyatı ziyafətlər və klublar arasında boş-boşuna keçən avara adamlar əhatə edir; belə adamı isə mən hətta göy gözləri olsa, küçədə tanış olduğu kasıb qızlara ehtiramla yanaşsa belə, sevə bilmərəm.




SON YARPAQ


Vaşinqton xiyabanının qərbində yerləşən kiçik məhəllə küçələrlə bir-birinə qarışıb “dalan” adlanan qısa zolaqlara bölünür. Bu dalanlar qəribə tinlər və əyri xətlər əmələ gətirir. O küçələrdən biri hətta iki dəfə öz-özü ilə kəsişir. Onun çox dəyərli olan bu cəhətini bir rəssam kətan üzərində göstərməyə müvəffəq oldu. Fərz edək ki, mağazanın kassiri əlində boya, kağız və qalın kətan üçün hesab kağızı ilə həmin küçə ilə gedir və evinə yollanarkən özü ilə rastlaşır!

Beləliklə, incəsənət adamları şimala açılan pəncərələr, XVIII yüzilliyin dam örtükləri, holland mansardaları və ucuz mənzil axtarışı ilə gəlib yavaş-yavaş özünəməxsus cəhətləri olan Qrinviç-Villic məhəlləsinə yığışmışdılar. Sonra da Altıncı küçədən bir neçə qalay parç və bir-iki manqal gətirib burada “koloniya” yaratmışdılar.

Syu və Consinin studiyası üçmərtəbəli kərpic evin yuxarı mərtəbəsində yerləşirdi. Consi Coanna adının qısaldılmış şəklidir. Qızlardan biri Men ştatından, o biri isə Kaliforniyadan gəlmişdi. Onlar Səkkizinci küçədə yerləşən balaca bir restoranda ümumi masanın arxasında tanış olmuşdular. İncəsənət, mətbəx və dəbdə olan qollu paltarlarla bağlı fikirləri üst-üstə düşdüyü qənaətinə gəlmiş, nəticədə ümumi studiya yaratmışdılar.

Bu hadisə may ayında baş vermişdi. Noyabrda həkimlərin pnevmoniya adlandırdıqları bu bəla gözə görünmədən bütün koloniyanı dolaşır, soyuq barmaqları ilə gah birinə, gah da o birinə toxunurdu. Şərq ölkələrində bu qaniçən xəstəlik onlarca qurbana səbəb olmuş, qarşısı alınmadığına görə həmişə cəsarətlə addımlamışdı. Lakin burada, mamır basmış bu dalanların dar labirintlərində ayağını arxasınca zorla sürüyürdü. Cənab Pnevmoniyanı heç cür nəzakətli qoca centlmen adlandırmaq olmazdı. Kaliforniya mehindən bənizi solmuş zərif bir qızı qanlı əlləri ilə təngnəfəs edən qüvvətli qoca axmağa çətin ki ləyaqətli deyən tapılsın. Beləliklə, o, Consini də yatağa saldı; qız rənglənmiş dəmir çarpayıda tərpənməz halda uzanaraq holland pəncərəsinin kiçik çərçivəsindən qonşu kərpic evin lal divarlarını seyr edirdi.

Bir səhər həkim qayğılı halda pırtlaşıq çal saqqalını tərpətməklə Syunu dəhlizə çağırdı.

– Onun təkcə bir şansı var… – o, termometrin civəsini silkələyərək dedi. – O da yalnız özü yaşamaq istədiyi təqdirdə. İnsanlar tabut düzəldənlərin marağına uyğun davrandıqları zaman bizim tibb elmi öz əhəmiyyətini itirir. Sizin balaca xanım qərara gəlib ki, artıq sağalmayacaq. O nə barədə düşünür?

– O…o, boya ilə Neapolitan körfəzinin şəklini çəkmək istəyir.

– Boya ilə? Boş şeydir! Onun qəlbində elə bir şey varmı ki, həqiqətən də, haqqında düşünməyə dəysin, məsələn, kişilər?

– Kişilər? – Syu soruşdu və səsi dodaq qarmonunun səsi kimi kobud çıxdı. – Doğrudanmı, kişilər barədə düşünməyə dəyər?.. Xeyr, doktor, buna bənzər heç nə yoxdur.

– Hə, onda o, sadəcə, zəif düşüb, – həkim qərar verdi. – Mən tibb aləminin bir nümayəndəsi kimi gücüm çatan hər şeyi edəcəm. Amma xəstəm öz matəm mərasimində neçə karetin olduğunu saymağa başladıqda dərmanların şəfaverici təsirini əlli faiz azalmış hesab edirəm. Əgər siz Consinin bu qış nə cür qollu paltarların dəbdə olacağı barədə, heç olmasa, bir dəfə sual verməsinə nail ola bilsəniz, əmin olun ki, onun sağalmaq şansı birə beş artacaq.

Həkim getdikdən sonra Syu tələsik emalatxanaya girib yapon kağız salfeti islanana qədər ağladı. Sonra əlində molbert fit çala-çala cəsarətlə Consinin otağına yollandı.

Consi üzü pəncərəyə tərəf uzanmışdı, adyalın altından onu zorla sezmək olurdu. Consinin yuxuya getdiyini düşünən Syu fit çalmağı dayandırdı. Molbertini qurdu, jurnaldakı bir hekayə üçün tuşla şəkil çəkməyə başladı. Gənc rəssamların incəsənətdə yolu gənc yazıçıların ədəbiyyata körpü salmaq üçün jurnallarda çap etdirdikləri hekayələrinə illüstrasiyalar çəkməklə başlayır.

Syu hekayə üçün gözündə monokl[30 - Monokl – eynək və ya pensne əvəzinə göz çuxuruna qoyulan bir göz üçün dairəvi optik şüşə] olan kovboy şəklini çəkməyə təzəcə başlamışdı ki, qulağına bir neçə dəfə təkrarlanan pıçıltı səsi gəldi. O, cəld çarpayıya yaxınlaşdı. Consinin gözləri geniş açılmışdı. Pəncərəyə baxıb sayır, sonra yenə də tərsinə saymağa başlayırdı.

– On iki, on bir, – dedi. Bir qədər gözlədikdən sonra yenidən saymağa başladı: – On, doqquz, səkkiz, yeddi…

Syu pəncərəyə baxdı. Orada sayılası nə vardı, görəsən? Təkcə kimsəsiz, hüznlü həyat və iyirmi addım aralıdakı kərpic evin lal divarları gözə dəyirdi. Düyün-düyün, gövdəsi kökündən çürüməyə başlayan, tamam qocalıb əldən düşmüş bir sarmaşıq da kərpic divarın yarısına qədər uzanmışdı. Payızın soyuq nəfəsi sarmaşığı yarpaqlarından məhrum etmiş, çılpaq budaqları isə kərpiclərə sığınmışdı.

– Orada nə görmüsən, əzizim? – Syu soruşdu.

– Altı, – Consi zorla eşidiləcək səslə cavab verdi. – İndi onlar daha sürətlə tökülür. Üç gün əvvəl yüzə yaxın olardılar. Sayanda başım hərlənirdi. İndi isə asanlıqla saya bilirəm. Bax, biri də düşdü. Beşi qaldı.

– Beş dənə qalan nədir, əzizim? Mənə deyə bilərsən?

– Yarpaqlar. Sarmaşıqlar. Axırıncı yarpaq düşəndə mən öləcəyəm. Artıq üç gündür bunu bilirəm. Məgər həkim sənə deməyib?

– Bu cəfəngiyatı birinci dəfədir eşidirəm! – Syu qondarma bir ikrah hissi ilə qızın söylədiklərinə etiraz etdi. – Qoca, çürük sarmaşıqdakı yarpaqların sənin sağalmağınla nə əlaqəsi ola bilər? Elə bil sarmaşığı sevməyə başlamısan. Səfeh olma! Hələ bu gün səhər həkim dedi ki, tezliklə sağalacaqsan… Dayan görüm, o, necə dedi?.. Sənin birə on şansın var. Bu, Nyu-Yorkda tramvayla gedən, ya da təzə evlərin yaxınlığından keçən bizim kimi adamlar üçün balaca göstərici deyil. Bir az bulyon yeməyə çalış və rəfiqənə imkan ver ki, şəkli tez çəkib redaktora satsın və xəstə qıza şərab, özünə isə donuz ətindən kotlet ala bilsin.

– Daha şərab almağa ehtiyac yoxdur, – gözünü diqqətlə pəncərəyə zilləyən Consi cavab verdi. – Bax, biri də düşdü. Yox, bulyon istəmirəm. Deməli, yalnız dördü qaldı. Axırıncı yarpağın da düşməsini görmək istərdim. O zaman öləcəyəm.

– Consi, əzizim, – Syu ona tərəf əyilərək dedi, – mənə söz verirsən ki, işimi qurtarana kimi gözünü açıb pəncərəyə sarı baxmayacaqsan? Sabah bu illüstrasiyanı təhvil verməliyəm. Mənə işıq lazımdır, yoxsa pəncərənin pərdəsini endirərdim.

– Məgər başqa otaqda çəkə bilməzsən? – Consi soyuq tərzdə soruşdu.

– Sənin yanında olmaq istəyirəm, – Syu cavab verdi. – Həm də bu yaramaz yarpaqlara baxmağını istəmirəm.

– İşi nə vaxt bitirəcəyini söylə, – bənizi ağarmış Consi yıxılmış heykəl təki tərpənməz vəziyyətdə dedi, – çünki mən son yarpağın necə düşdüyünü görmək arzusundayam. Gözləməkdən, fikirləşməkdən yorulmuşam. Məni saxlayan nə varsa ondan azad olmaq, bu zavallı, solğun yarpaqlardan biri kimi aşağıya doğru uçmaq istəyirəm.

– Çalış yatasan, – Syu dedi. – Bermanı çağırmalıyam. Ondan istifadə edib rahib şəkli çəkmək istəyirəm. Uzağı bir dəqiqəyə qayıdıram. Mən qayıdana kimi yerindən dəbərmə ha!

Qoca Berman aşağı mərtəbədə, onların studiyasının altında yaşayırdı. Onun artıq altmışdan yuxarı yaşı vardı və qıvrım saqqalı Mikelancelonun Moiseyi[31 - Mikelancelonun Moiseyi – italyan rəssam və heykəltəraşı Mikelancelonun 1513-1516-cı illərdə işlədiyi Musa peyğəmbərin heykəli. Oturaq vəziyyətdəki mərmər heykəlin hündürlüyü 235 sm-dir.] kimi məzhəkəli başından cırtdan bədəninə sarı uzanmışdı. Berman incəsənətdə uğursuz rəssam sayılırdı. O, daim şedevr yaratmağa hazırlaşsa da, onu hələ heç başlaya da bilməmişdi. Artıq neçə ildi bir tikə çörək naminə lövhə, reklam və buna bənzər cızma-qaralardan savayı heç nə çəkmirdi. O, gənc rəssamlara poza verməklə də müəyyən qədər qazana bilirdi. Çünki peşəkar naturaçılar bu rəssamların cibinə uyğun gəlmirdilər. O, içki düşkünü olmasına baxmayaraq, hələ də gələcək şedevri barəsində danışmaqda davam edirdi. Qalan məsələlərdə isə çox zalım bir qoca olub hər cür sentimentallığa istehza ilə yanaşır və özünü iki gənc rəssam qız üçün məxsusi olaraq təhkim edilmiş gözətçi it hesab edirdi.

Syu ardıc giləmeyvəsi iyi verən Bermanı aşağı mərtəbənin yarımqaranlıq hücrəsində tapdı. Otağın bir küncündə, molbertin üstündə artıq iyirmi beş ildir toxunul- mayan şedevrin ilk ştrixlərini qəbul etməyə hazır kətan qoyulmuşdu. Syu Consinin fantaziyası və yarpaq kimi zərif, kövrək bir qızın həyat ilə əlaqəsinin zəifləyəcəyi təqdirdə xəzana qoşulub məhv olacağı haqda qocaya danışdı. Qoca Berman – görəsən, kimin qırmızı gözləri bu dərəcədə aydın yaşara bilərdi – belə axmaq fantaziyalara rişxənd edərək qışqırdı:

– Nə! Bu nə axmaqlıqdı belə – lənətə gəlmiş sarmaşıqdan tökülən yarpaqlar ölümə səbəb ola bilər! İlk dəfədi eşidirəm. Yox, sizin axmaq rahibiniz üçün poza vermək arzusunda deyiləm. Siz o qızın öz başını belə cəfəngiyatla doldura bilməsinə necə imkan vermisiniz? Ah, zavallı balaca miss Consi!

– O, çox xəstə və zəifdi, – Syu dedi, – qızdırmadan başında cürbəcür xəstə fantaziyalar yaranır. Çox yaxşı, mister Berman, mənə poza vermək istəmirsinizsə, heç lazım da deyil. Amma… məncə, siz mənfur bir qocasınız… mənfur boşboğaz qoca!

– Bax əsl qadın belə olar! – Berman ucadan dedi. – Kim dedi mən poza vermək istəmirəm? Gedək. Mən sizinlə gedirəm. Yarım saatdı deyirəm ki, poza vermək istəyirəm. Ay Allah! Miss Consi kimi yaxşı bir qızın xəstələnməsinin heç yeri deyildi. Öz şedevrimi yaradan kimi hamımız buradan gedəcəyik. Bəli, bəli!

Onlar yuxarı qalxanda Consi mürgüləyirdi. Syu pəncərənin pərdəsini axıra kimi buraxıb Bermana işarə etdi ki, o biri otağa keçsin. Orada pəncərəyə yaxınlaşıb qorxu içində qoca sarmaşığa baxmağa başladılar. Sonra heç bir söz demədən bir-birinə nəzər saldılar. Buz kimi soyuq, leysan yağış yağırdı. Berman əynində göy rəngli köynək, qızılaxtaran zahid kimi, qayanı əvəz edən çevrilmiş çaydanın üstündə oturdu.

Növbəti gün səhər qısasürən yuxudan sonra Syu, Consinin qüssəli və geniş açılmış gözlərini pərdəsi aşağı endirilmiş pəncərədən çəkmədiyinin şahidi oldu.

– Onu qaldır, baxmaq istəyirəm, – Consi qətiyyətlə pıçıldadı. Syu yorğun halda rəfiqəsinin dediyinə əməl etməli oldu.

Çox şiddətli yağışdan və bütün gecəni sakitləşməyən güclü küləkdən sonra kərpic divarda sarmaşığın yeganə – sonuncu yarpağı görünürdü! Saplağına sarı ləkələrin və çürümənin yavaş-yavaş iz saldığı tünd-yaşıl rəngli yarpaq yerdən iyirmi fut yuxarıda yerləşən budağın üstündən əzəmətlə boylanırdı.

– Bu, soununcu yarpaqdı, – Consi dedi. – Düşünürdüm ki, o bu gecə mütləq düşəcək. Gecə güclü küləyin səsini eşidirdim, amma hələ düşməyib. Yəqin, bu gün düşər və onda mən öləcəyəm.

– Allah sənə ağıl versin! – Syu yorğun başını yastığa doğru əyərək dedi. – Özünü düşünmürsənsə, heç olmasa, məni düşün! Bəs sənsiz mənim halım necə olacaq?

Consi cavab vermədi. Sirli, uzaq səfərə hazır qəlb həyatdakı hər şeyə qarşı biganə olur. Xəstə fantaziyası Consiyə daha güclü təsir göstərərək onu həyat və insanlara bağlayan bütün telləri bir-birinin ardınca məhv edirdi.

Bir gün keçdi. Onlar hətta alaqaranlıqda belə yeganə yarpağın kərpic divara toxunan saplağının üstündə olduğunu görürdülər. Axşam düşdükdən sonra şimal küləyi qalxdı və yağışın holland dam örtüklərindən üzüaşağı yumalanan damcıları fasiləsiz olaraq pəncərələri döyəcləməyə başladı.

Hava işıqlanan kimi rəhmsiz Consi yenidən pərdənin qaldırılmasını tələb etdi. Sarmaşıq yarpağı hələ də öz yerində idi. Consi uzanmış halda uzun müddət yarpağı seyr etdi. Sonra Syunu çağırdı və qaz pilətəsində onun üçün toyuq bulyonu qızdırmasını xahiş etdi.

– Mən pis qız olmuşam, Syu, – Consi dedi. – Bəlkə də, bu sonuncu yarpaq mənim nə dərəcədə yaramaz olduğumu sübut etmək üçün dayanıb. Öz ölümünü arzulamaq günahdı. İndi sən mənə azca bulyon, ardınca isə portveynli[32 - Portveyn – şirin şərab növü] süd verə bilərsən… Amma yox… əvvəlcə güzgünü gətir, sonra isə balışları ətrafıma düz, oturub sənin necə yemək hazırladığına baxacağam.

Bir saatdan sonra Consi dedi:

– Syu, ümid edirəm ki, nə vaxtsa boya ilə Neapolitan körfəzinin rəsmini çəkə biləcəyəm.

Günorta həkim gəldi, Syu bəhanə ilə onun arxasınca dəhlizə çıxdı.

– Şanslar bərabərləşib, – həkim Syunun titrəyən balaca əlini sıxaraq dedi. – Yaxşı qulluq edə bilsəniz, qələbə çalarsınız. İndi isə aşağı mərtəbədəki bir xəstəyə baş çəkməliyəm. Soyadı Bermandır. Deyəsən, rəssamdır. Sətəlcəm olub. Artıq yaşlaşıb, çox zəifdir, xəstəlik isə ağır forma alıb. Sağalmasına ümid yoxdur, amma bu gün xəstəxanaya göndərəcəklər, onun üçün ora rahat olar.

Növbəti gün həkim Syuya dedi:

– Qız artıq təhlükəli vəziyyətdən çıxıb. Siz qalib gəldiniz. İndi yalnız yaxşı qida və qulluq – başqa heç nə lazım deyil.

Həmin gün axşam Syu tamamilə gərəksiz olan açıq-göy rəngli şərfi toxuyub qurtardıqdan sonra Consinin çarpayısına yaxınlaşdı və bir əliylə qızı yastıqqarışıq qucaqladı.

– Sənə bir söz deməliyəm, ağ siçan, – o dedi. – Mister Berman bu gün xəstəxanada sətəlcəmdən ölüb. Onun xəstəliyi cəmisi iki gün çəkdi. Bir gün əvvəl qapıçı bədbəxt qocanı öz otağında döşəmənin üstündə uzanmış vəziyyətdə tapıb. Huşunu itiribmiş. Başmaqları və paltarları tamamilə islanmış, buz kimi soyuq imiş. Heç kim onun belə dəhşətli bir gecədə hara çıxdığını anlaya bilməyib. Sonra yana-yana qalan fənər, yerindən tərpədilmiş nərdivan, kənara atılmış bir neçə fırça, bir də sarı və yaşıl boyaları olan palitra tapıblar… Pəncərəyə bax, sarmaşığın sonuncu yarpağına nəzər sal, əzizim. Güclü küləyin onu yerindən tərpədib qopara bilməməsi səni təəccübləndirmir? Hə, əzizim, Bermanın şedevri budur – onu sonuncu yarpağın düşdüyü həmin gecə yaradıb!




QƏRİBƏ BİR HEKAYƏ


Austinin şimalında bir vaxtlar namuslu bir Smoders ailəsi yaşayırdı. Con Smodersin ailəsi arvadından, valideynlərindən və beş yaşında balaca qızından ibarət idi.

Bir axşam şam yeməyindən sonra balaca qız şiddətli mədə sancısıyla qıvranmağa başladı. Con Smoders vaxt itirmədən tez evdən çıxıb kəndə dərman almağa getdi. Amma o, bir də heç vaxt geri qayıtmadı.

Balaca qız bir müddət keçəndən sonra sağaldı, sonra da böyüyüb gözəl, gənc bir qadın oldu.

Ana illərlə yoxa çıxan əri üçün çoxlu göz yaşı tökdü. Amma üç ay bundan əvvəl ərə gedib San-Antonio kəndində yerləşdi. Bir müddət sonra qızı da ailə qurdu və aradan illər keçdikdən sonra onun da qızı gəlib beş yaşına çatdı. Gənc qadın isə hələ də atasının onları tərk edib və bir də heç vaxt geri qayıtmadığı evdə yaşayırdı.

Bir gecə qəribə bir hadisə baş verdi. Neçə illər bundan əvvəl Con Smodersin yoxa çıxdığı gecədəki kimi gənc qadının balaca qızı mədə sancılarıyla qıvranmağa başladı.

Con Smit (gənc qadının əri) arvadına: “Mütləq kəndə gedib balaca qızıma dərman almalıyam”, – dedi. Arvadı: “Yox, yox, Con, getmə. Bəlkə, sən də evə qayıtmağı unudub əbədi yoxa çıxarsan”, – deyə ərinin getməyinə etiraz elədi.

Beləcə, Con Smit balaca qızı üçün dərman almağa getmədi. O, arvadıyla birlikdə gəlib balaca Penzinin (balaca qızın adı Penziydi) başı üstündə dayandı.

Bir müddət sonra Penzinin halı lap pisləşdi. Con Smit təkrar balaca qızı üçün dərman almağa getmək istədi, amma arvadı yenə də ona mane oldu.

Elə bu vaxt birdən-birə evin qapısı açıldı və haradansa gəlmiş ağ saç-saqqallı, donqar bir qoca kişi beli bükülmüş vəziyyətdə içəriyə girdi. Penzi qoca kişini “Xoş gördük, baba” deyə salamladı. Balaca qız yaşlı adamı o birilərindən əvvəl tanımışdı. Qoca kişi cibindən tez dərman şüşəsini çıxardaraq Penziyə bir qaşıq sirop içirtdi. Balaca qızın halı həmin dəqiqə yaxşılaşdı və o sağaldı.

Sonra Con Smoders qızına: “Tramvayı gözlədiyim üçün bir az gecikdim”, – dedi.




İYİRMİ İL SONRA


Gecə növbəsində olan zəhmli görünüşə malik polis küçə boyunca yuxarı addımlayırdı. Yox, bu heç də göstəriş xatirinə deyildi, çünki ətrafda, demək olar, heç kəs yox idi. Saat təxminən axşam on olardı və külək sanki yağış həsrəti ilə alışıb-yanaraq qəzəblə boş küçələrdə vıyıldayırdı. Heç vaxt ehtiyatı əldən verməyən, arxasınca qapını yoxlayan, dəyənəyini əlində mürəkkəb və çevik hərəkətlərlə fırladan, ayıq-sayıq gözləri ilə tez-tez yola nəzər salan zabit özünün əzmli görünüşü və zəif təkəbbürü ilə əsl sülh keşikçisi portretini yaradırdı. Bu yerlərdə ətraf dükanlar çox erkən bağlanardı. Bu vaxtlarda yalnız siqaret mağazasının və yaxud da bütün gecə açıq olan qəlyanaltı piştaxtasının işıqlarını görmək olardı.

Həmin məhəlləyə çatanda polis qəflətən addımlarını yeyinlətdi. Xırdavat satılan qaranlıq dükanın qarşısında damağında yanmamış siqaret olan bir kişi oturmuşdu. Polis ona yaxınlaşan kimi kişi tez əl-ayağa düşdü.

– Hər şey yaxşıdır, rəis, – o özünü itirmədən dedi. – Mən, sadəcə, dostumu gözləyirəm. Bu, iyirmi il bundan əvvəl razılaşdırılmış bir görüşdür. Bir az gülməli səslənir, elə deyilmi? Yaxşı, əgər bu əhvalat sizə inandırıcı gəlmirsə, mən hər şeyi sizə danışa bilərəm. Uzun illər bundan əvvəl bu mağazanın yerində bir restoran var idi – Bredinin “Böyuk Co” adlı restoranı.

– Beş il bundan öncəyədək də var idi, – polis dedi. – Sonra isə yerlə yeksan etdilər.

Qapıda dayanmış kişi kibriti çıxarıb siqaretini yandırdı. Kibritin alovu onun solğun, dördbucaq sifətini, iti gözlərini və sağ qaşının yanındakı çapığı aydın işıqlandırdı. Onun şərfindəkı qəribə quruluşlu böyük almazdan olan sancaq da gözdən qaçmadı.

– Düz iyirmi il bundan əvvəl, elə bu gecə… – kişi sözə başladı. – Mən burda Bredinin ”Böyük Co”sunda ən yaxın dostum və dünyada ən gözəl insan olan Cimmi Velslə nahar edirdim. Biz iki qardaş kimi Nyu-Yorkda bir yerdə böyüyüb boya-başa çatmışıq. Mənim 18, Cimminin 20 yaşı var idi. Səhəri gün mən pul qazanmaq üçün Qərbə yola düşəcəkdim. Dostumu da aparmaq istəyirdim. Ancaq Cimmini buradan çəkib çıxarmaq mümkün olmadı, çünki onun üçün dünya yalnız Nyu-Yorkdan ibarət idi. Bax beləcə, biz razılaşdıq ki, harada və hansı vəziyyətdə olmağımızdan asılı olmayaraq həmin vaxtdan iyirmi il sonra yenidən bu yerdə görüşəcəyik. Artıq təsəvvür etmək olar ki, iyirmi ildə hansı yolla olursa olsun, ikimiz də öz yolumuzu seçmiş, sərvət toplamışıq.

– Çox maraqlı əhvalatdır, – polis dedi. – Bəlkə də, bu mənə elə gəlir, amma iki görüş arasında iyirmi il xeyli uzun müddətdi. Bu illər ərzində dostunuzdan heç bir xəbər eşitməmisiniz?

– Əlbəttə, bir müddət biz məktublaşdıq, – kişi cavab verdi. – Ancaq bir-iki ildən sonra izlərimizi tamamilə itirdik. Görürsünüzmü, Qərb sanki tilsimli, insanı özünə çəkən böyük bir məkandır və mən sanki onun ətrafında sıxışıb qalmışam. Ancaq bilirəm ki, əgər Cimmi sağdırsa, mənimlə görüşə gələcək, çünki o, həmişə çox dürüst və mətin oğlan olub. O heç vaxt bunu unuda bilməz. Mən bu gecə onu görmək üçün neçə yüz mil[33 - Mil – 1609 metrə bərabər uzunluq vahidi] yol gəlmişəm, əgər mənim köhnə dostum gələcəksə, buna dəyər.

Kişi kəməri kiçik almazlarla bəzədilmiş nəfis qol saatını çıxardı.

– Ona üç dəqiqə qalıb, – o dedi. – Biz onunla burada restoranın qapısında ayrılanda saat düz on tamam idi.

– Qərbdə işlər, yəqin ki, pis getmirdi? – polis maraqlandı.

– Əlbəttə! – kişi dedi. – Ümid edirəm ki, Cimmi, heç olmasa, mənim qazandıqlarımın yarısını əldə edib. Düzdü, onun bir az avamlığı var idi, amma çox yaxşı insan idi. Mən ayağa qalxa bilmək üçün çox yollardan keçməli olmuşam. Nyu-Yorkda isə insan kötük kimi öz yerində oturmalı olur. Amma bir məsələ də var ki, Qərb adamı yontalayıb düzəldir.

Polis əlindəki dəyənəyi fırladaraq bir-iki addım atıb dedi:

– Mən daha getməliyəm, ümid edirəm ki, bu görüş baş tutacaq. Onu çoxmu gözləmək fikrindəsiniz?

– Çətin ki! – kişi dedi. – Hər halda, ona yarım saat verəcəm, əgər Cimmi bu dünyadadırsa, o, həmin vaxt burada olacaq. Sizə yaxşı yol, zabit.

– Gecəniz xeyrə, cənab, – polis gəldiyi yolla qayıdaraq dedi.

Artıq soyuq çiskin başlamış, külək isə şiddətlənmişdi. Bu vaxtlar, adətən, küçədə paltolarının yaxalığı yuxarıda, əlləri ciblərində olan çox az piyada gözə dəyir. Xırdavat dükanının qarşısında öz gənclik dostu ilə görüşmək üçün yüz mil yol gəlmiş kişi isə damağında siqaret, hələ də gözləyirdi. Təxminən iyirmi dəqiqə də keçdi və qəflətən yolun əks tərəfindən küçəni keçməyə tələsən uzun şinelli, yaxalığını qulağınadək çəkmiş hündür bir kişi peyda oldu. O, birbaşa bayaqdan burada gözləyən kişiyə yaxınlaşdı.

– Bob, bu sənsən? – o, tərəddüdlə soruşdu.

– Ah, sənsənmi, Cimmi Vels? – qapıdakı kişi qışqırdı.

– Allah, sən saxla, – təzə gələn kişi həyəcanlandı və onun hər iki əlini ovcunda bərk-bərk sıxdı. – Bob, bilirdim ki, əgər sağsansa, səni burada tapacam. Hə, yaxşı, yaxşı, iyirmi il uzun müddətdir. Artıq köhnə restorandan da əsər-əlamət qalmayıb, Bob, kaş ki o, burada olardı və biz keçmiş günlərdə olduğu kimi yenə birlikdə şam edərdik. Qərbdə işlər necədir, qoca?

– Əla, istədiyim hər şeyi Qərbdən aldım. Sən çox dəyişmisən, Cimmi. Heç vaxt düşünməzdim ki, bu qədər uzunboylu olarsan.

– Ah, iyirmi yaşdan sonra boyum çox uzandı.

– Nyu-Yorkda işlərin necə gedir, Cimmi?

– Pis deyil. Şəhər idarələrinin birində işləyirəm. Gəl, Bob, indi biz tanıdığım bir yerə gedib keçmiş günləri doyunca xatırlayacağıq.

İki dost küçəni qol-qola yuxarı qalxmağa başladı. Uğurlarından lovğalanan qərbli öz karyerasının tarixini təsvir etməkdən sanki zövq alırdı. O biri isə öz şinelinə qısılıb maraqla qulaq asırdı. Küçənin küncündə büllur çilçıraqla alışıb-yanan bir əczaxana var idi. Onlar bu çilçırağa çatanda bir-birinin üzünə daha yaxından baxmaq üçün hər ikisi eyni vaxtda çevrildi. Qərbdən olan kişi qəflətən dayandı və qolunu çəkdi.

– Sən Cimmi Vels deyilsən! – o, boğuq səslə dedi. – Düzdü, iyirmi il uzun müddətdi, ancaq insanın burnunun quruluşunu romalı burnundan[34 - Romalı burnu – qartal burun. Əsasən, Aralıq dənizi hövzəsində, Şərqdə və Qafqazda belə burunlu insanlara rast gəlinir.] mops burnuna[35 - Mops – vətəni Çin olan yastıburun it cinsi] dəyişəcək qədər yox.

– Bu müddət bəzən insanı yaxşıdan pisə də çevirir, – hündür kişi dedi. – Sən təxminən on dəqiqədir ki, həbs olunmusan, “İpək” ləqəbli Bob! Çikaqodan göndərilən teleqramda bu yerlərə gələcəyini güman edirdilər və səninlə danışmaq istədiklərini bildirirlər. İndi isə bölməyə getməzdən əvvəl mən söz verdiyim məktubu sənə çatdırmalıyam. Sən onu pəncərənin qabağında oxuya bilərsən. Bu, patrulda işləyən Velsdəndir.

Qərbli ona uzadılan kiçik kağız parçasını ehtiyatla açdı. Oxumağa başlayanda onun əlləri çox möhkəm idi, ancaq qurtaranda artıq bir az titrəyirdi. Məktub isə olduqca qısa idi: “Bob, mən vaxtında görüş yerində idim. Ancaq sən kibriti çıxarıb siqareti yandıranda mən Çikaqoda axtarılan adamın üzünü gördüm. Bir vaxtlar dost olduğumuz üçün səni həbs edə bilməzdim, ona görə də səssizcə oradan uzaqlaşdım və bu işi yerinə yetirməkçün mülki geyimli kişini göndərdim.



    Cimmi”.




YAŞIL QAPI


Rudolf Şteyner əsl macərapərəst idi. Çox nadir hallarda axşamlar qeyri-adi macəra axtarmaq üçün birnəfərlik otağından çölə çıxmazdı. Bəzən taleyi azdırmaq istəyi onu qəribə yollara gətirib çıxarırdı. İki dəfə polis şöbəsində gecələmişdi; hər dəfə cibgirlərin qurbanına çevrilirdi; xoş bir qadın diqqəti üçün saatı və pul kisəsindən keçməli olurdu. Buna baxmayaraq macəra səhnəsində qarşısına atılan hər bir əl dəsmalını[36 - Əl dəsmalını yerə atmaq – XX əsrin əvvəllərinədək qadınlar xoşlarına gələn, tanış olmaq istədikləri kişiyə işarə vermək üçün ad və soyadlarının üzərinə toxunduğu əl dəsmalını həmin kişi götürsün deyə yerə salardılar (red.).] həvəslə yerdən qaldırırdı.

Bir dəfə axşam Rudolf şəhərin qədim mərkəzi hissəsi ilə gəzişirdi. Səki boyunca iki növ insan axını keçirdi – biri evinə tələsənlər, digəri isə narahat insanlar, başqa sözlə, şamlarla bəzədilmiş yad süfrəsi üçün evini tərk edənlər. Gənc, xoş görünüşlü macərapərəst sakitcə və addımlayırdı. Gündüz royal mağazasında satıcılıq etmişdi. Macərapərəstin gənc və cəlbedici görünüşü xoş təsir bağışlayırdı, eyni zamanda ümid hissi oyadırdı. Qalstukunu sancaqla bağlamamış, halqadan keçirmişdi.

Səkidəki bərk cingilti səs onun diqqətini (heç bir daxili həyəcan keçirmədən) səs gələn tərəfə yönəltdi. İkinci baxışda gözü qonşuluqdakı qapıda diş həkimi lövhəsindəki elektrik hərflərinə sataşdı. Əyninə qırmızı naxışlı palto, sarı şalvar geyinmiş, başına hərbçi papağı qoymuş iricüssəli zənci, diş həkimi qapısının yanında durub qarşısından keçən insanlara vərəqələr paylayırdı. Diş həkiminin bu şəkildə reklam edilməsi Rudolfa tanış mənzərə idi. Adətən, o, kart paylayan adamın qarşısından keçər, ona təqdim olunan vərəqəni qəbul etməzdi. Lakin bu dəfə həmin afrikalı vərəqələrdən birini onun ovcuna elə basdı ki, Rudolf imtina etməyə macal tapmadı və onun bu hərəkətinə gülümsəməklə cavab verdi. Bir neçə addım yeridikdən sonra laqeydcəsinə vərəqəyə nəzər saldı. Təəccüblə o biri üzünü çevirdi. Sonra bir daha baxdı. Amma bu dəfə maraqla. Vərəqənin bir üzü təmiz idi, o biri üzündə isə mürəkkəblə yazılmışdı: “Yaşıl qapı”. Elə bu an Rudolf qarşıda gedən adamın ona təqdim olunan vərəqəni yerə atdığını gördü. Əyilib götürdü. Burada isə üzərində diş həkiminin soyadı, ünvanı və xidmət siyahısı yazılmışdı: “protezlər”, “körpü”, “diş qapağı” və daha bir qeyd: “dişin ağrısız çəkilməsi”.

Macərapərəst royal satıcısı küçənin tinində durub fikrə getdi. Sonra küçənin qarşı tərəfinə keçdi və geri istiqamətdə məhəlləyə tərəf addımladı, əvvəlki tərəfə keçib diş həkiminin elektrik lövhəsi asılan yerə doğru hərəkət edən axına qoşuldu. Rudolf ikinci dəfə zəncinin yanından keçəndə özünü elə apardı ki, guya onu görmür. Saymazyana yenidən ona təqdim olunan vərəqəni götürdü. On addım irəliləmişdi ki, təzə vərəqəyə nəzər saldı. Birinci vərəqədəki xətlə yazılmışdı: “Yaşıl qapı”.

Səkinin kənarında küçə ilə hərəkət edənlərin ayağı altına atılmış həmin vərəqələrdən üç dənəsi vardı. Vərəqələr hamısı yerə ağ tərəfi üstə düşmüşdü. Əyilib onları götürdü. Hamısının üzərində diş həkiminin ünvanı yazılmışdı.

Macəraçı ruhu nadir hallarda Rudolf Şteyneri aldada bilərdi. Lakin bu dəfə o, özünün sadiq bəndəsini düz iki dəfə yanıltdı. Rudolf geri dönərək cüssəli zəncinin yanından keçdi. Bu dəfə ona vərəqə təqdim edilmədi. Səliqəsiz və gülünc hal doğuran geyiminə baxmayaraq, qaradərili kişi qaba, lakin təbii nəciblik nümayiş etdirir, nəzakətlə vərəqəni bəzilərinə təqdim edir, bəzilərini isə narahat etmirdi. Hərdən yüksək, lakin anlaşılmaz səslə nəsə qışqırırdı. Səsi növbəti dayanacağı elan edən tramvay konduktorunun çağırışını və ya opera ifasını xatırladırdı. Bu dəfə ona qarşı diqqətsizliyi bir yana, hətta Rudolf qaradərilinin enli və parıltılı sifətində soyuq, etinasız və qəzəbli bir ifadə də sezmişdi. Qaradərilinin baxışı sözün əsl mənasında Rudolfun heysiyyətinə toxunmuşdu, onda səssiz ittiham oxudu. Vərəqədəki sirli söz nə ifadə edirsə-etsin, qaradərili onu iki dəfə izdihamın arasından seçmişdi. İndi isə sanki onu ağılsızlıqda günahlandırırdı.

Gənc, axının arasından çıxaraq iti nəzərlə binaya baxdı. Tapmacanın cavabı elə bu beşmərtəbəli binada idi. Yarımzirzəmi mərtəbəsindən kiçik restoran kimi istifadə edilirdi. Birinci mərtəbədə bütün qapılar qıfıllı idi, amma deyəsən, burada şlyapa və xəzlər satılırmış. Qapısında elektrik hərfləri yanan diş həkiminin otağı ikinci mərtəbədə yerləşirdi. Üçüncü mərtəbənin hər yerində müxtəlif dillərdə, əyri-üyrü hərflərlə yazılmış lövhələr görmək olardı: falabaxan, dərzi, musiqiçi, həkim. Yuxarı mərtəbədəki pəncərədən asılmış pərdələr və pəncərə altındakı süd şüşələri buradan yaşayış məqsədilə istifadə olunduğunu təsdiq edirdi.

Ətrafa nəzər yetirdikdən sonra Rudolf üzəri xalça ilə örtülü pilləkənlə üçüncü mərtəbəyə qalxdı. Mərtəbəarası meydançaya çatanda ayaq saxladı. Meydança iki ədəd solğun qaz lampası ilə işıqlandırılmışdı – biri dəhlizin başında, sağ tərəfdə, digəri isə lap yaxında, sol tərəfdə. Rudolf sol tərəfində yanan işığa tərəf boylandı, onun solğun parıltısı altında yaşıl qapını seçə bildi. Birdən yerində səndələdi. Elə o an afrikalı kart hoqqabazının özündənrazı və istehzalı təbəssümünü xatırladı; yaşıl qapıya doğru addımladı. Qapını astaca döydü. Qapını döyməsi ilə müşayiət olunan saniyələr əsl macərapərəstin cəld nəfəs alıb-verməsinə bənzəyirdi. Bu yaşıl qapının arxasında onu nə gözləyə bilərdi?! Qumar masasının ətrafında oturan oyunçular, məharətlərindən istifadə edərək hiylələrini işə salan kələkbazlar, cəsarət aşiqi olan və yalnız cəsarətə boyun əyən gözəlçə; təhlükə, ölüm, məhəbbət, məyusluq, masqara – qapının tıqqıltısına bunlardan hər hansı biri cavab verə bilərdi.

İçəridən zəif xışıltı səsi eşidildi və qapı astaca aralanmağa başladı. Kandarda təxminən iyirmi yaşında bir qız dayanmışdı. Bənizi solğundu. Ayaq üstə güclə dururdu. Qapının dəstəyini buraxdı, yerində səndələdi. Əlini havada gəzdirərək tutacaq axtarırdı ki, Rudolf cəld qolundan tutub qızı divara bitişik divanın üstünə uzatdı. Qapını örtdü və qaz lampasının işıqlandırdığı otağa nəzər saldı. Təmiz və səliqəli idi; eyni zamanda yoxsulluq hiss olunurdu. Qız hərəkətsiz uzanmışdı. Görünür, huşunu itirmişdi. Rudolf çəllək tapacağı ümidiylə otağa nəzər saldı. Yox, yox… bu, suda boğulan adamlar üçün işə yarayırdı. Şlyapası ilə qızın üzünü yelləməyə başladı. Bu, gözlənilən nəticəni verdi – şlyapasının ucunu qızın burnuna toxundurdu və qız gözlərini açdı. Bu vaxt cavan oğlan qızın üzündə xəyalındakı qalereyanın ən gözəl portretini gördü. Səmimi, ala gözləri, balaca, dik burnu, noxud gövdəsinin bığcıqları kimi buruq, qonur saçları – bütün bunlar qəribə macəranın son akkordları və zirvəsi idi. Çöhrəsi necə də zərif və solğun idi!

Qız sakitcə Rudolfa baxdı və gülümsədi.

– Deyəsən, huşumu itirmişdim, hə? – zəif səslə dedi. – Mənim yerimdə kim olsaydı, belə olardı. Üç gün ac qalsanız, özünüz görərsiniz.

– Necə? – Rudolf ucadan qışqırdı və cəld yerindən sıçradı. – Gözləyin, bu saat gəlirəm!

Qapıya tərəf, oradan da pilləkənlərə cumdu. İyirmi dəqiqə sonra o, yenidən yaşıl qapının ağzında durmuşdu. Qapını ayağı ilə döydü: əlində mağaza və restorandan aldığı bir qucaq ərzaq vardı – çörək, yağ, soyutma ət, piroq, paştet, şoraba, qızardılmış toyuq, bir şüşə süd, bir şüşə isti çay. Hamısını masanın üstünə qoydu.

– Belə mənasız aclıq etmək gülüncdü, – Rudolf yüksək səslə, kifayət qədər ciddi tərzdə dedi. – Bu cür hərəkətlərə birdəfəlik son qoyun. Axşam yeməyi hazırdı.

Rudolf qıza ayağa durmağa və stolun başında oturmağa kömək etdi.

– Çay üçün fincan varmı? – deyə soruşdu.

– Pəncərənin yanındakı rəfdədir, – qız cavab verdi.

Rudolf əlində fincan geri qayıdanda qız, güclü qadın instinkti ilə içərisində nə olduğunu güman edərək artıq paketi açıb iri xiyar turşusunu çıxarmışdı.

Rudolf gülərək turşunu qızın əlindən aldı və fincanı südlə doldurdu.

– Əvvəlcə bunu için, – deyə göstəriş verdi. – Sonra çay və toyuğun qanadını. Turşunu isə ağıllı qız olmaqda davam etsəniz, sabah yeyərsiniz. İndi isə qonağınız olmağıma icazə verirsinizsə, gəlin şam yeməyinə başlayaq.

Rudolf ikinci stulu masaya tərəf çəkdi. Çayı görən kimi qızın gözlərinə işıq gəldi, bənizi azca qızardı. O, uzun müddət ac qalmış vəhşi heyvan kimi acgözlüklə yeyirdi. Otağında yad, gənc adamın olması, ona kömək təklif etməsi qıza öz-özlüyündə o qədər də qeyri-adi görünmürdü. Ona görə yox ki, bütün bu baş verənlərə laqeyd yanaşırdı. Ona görə ki, insana təbiət tərəfindən verilən aclıq hissi bir müddət ona süni nəzakəti unutdurub təbii davranmağı diktə edirdi. Lakin gücü və əhvali-ruhiyyəsi bərpa olduqca qız sadə hekayəsini danışmağa başladı – şəhərdə hər gün, hər kəsin başına gələn min hekayədən biri: cüzi maaş müqabilində mağaza satıcısı işləyirmiş. Üstəlik, mağaza sahibi öz gəlirini artırmaq üçün ona cərimə yazır, xəstəliyi səbəbiylə tez-tez işə gedə bilmir, nəticədə işdən qovulur, bütün ümidlərini itirdiyi bir vaxtda yaşıl qapını bir macəra axtaran döyür.

Rudolf bu hekayəni lap “İliada”[37 - “İliada” – antik yunan ədibi Homerin əsəri] əsərinə bənzətdi.

– Aman Allah, təsəvvür edirəm nələr yaşamısınız, nələrə dözmüsünüz! – deyə oğlan dedi.

– Hə, bu dəhşətdir, – qız ciddi səslə əlavə etdi.

– Deməli, sizin burda heç qohumunuz, ya da dostunuz yoxdur…

– Heç kimim yoxdu.

– Elə mənim də, – Rudolf dodağının altında dilləndi.

– Buna çox şadam, – qız tələsik cavab verdi. Tək yaşamasına sevindiyini görmək gənc adama çox xoş təsir bağışladı. Qızın göz qapaqları qəfildən ağırlaşmağa başladı. Dərindən içini çəkərək:

– Yuxu gözümdən tökülür, – dedi. – Artıq özümü yaxşı hiss edirəm…

Rudolf ayağa qalxdı, şlyapasını götürdü.

– Elə isə gecəniz xeyrə qalsın, yaxşıca dincəlin, bu sizin üçün çox yaxşı olar, – deyə Rudolf əlini uzatdı.

– Gecəniz xeyrə qalsın.

Qızın gözlərində elə aydın, elə səmimi, elə riqqətli sual vardı ki, Rudolf bu suala sözlərlə cavab verdi:

– Hə, əlbəttə, sabah gəlib sizə dəyəcəm. Məndən belə asan xilas ola bilməyəcəksiniz.

Qız kandarda dayanaraq sanki oğlanın bura necə gəlib çıxması onun burda olması faktından daha əhəmiyyətli məsələ imiş kimi soruşdu:

– Necə oldu ki, mənim qapımı döydünüz?

Diqqətlə qıza baxdı, qaradərilinin payladığı vərəqələri yadına saldı. Qəlbində qısqanclıq sancısı hiss etdi. Görəsən, vərəqə başqasının əlinə keçsəydi, necə olardı – onun kimi macəra axtaran birinin əlinə? Rudolf qəfil belə qərara gəldi ki, qız heç vaxt həqiqəti bilməməlidir. Onu bu çətin vəziyyətdən çıxarmaq üçün baş verən bu macəra haqda ona deməməlidir.

– Bizim bir piano kökləyicimiz bu binada yaşayır, – cavab verdi. – Mən qapını səhv salmışdım.

Yaşıl qapı bağlanmazdan əvvəl Rudolfun gördüyü ən son şey qızın təbəssümü oldu. Pilləkən meydançasında ayaq saxladı, maraq xatirinə ətrafına göz gəzdirdi. Sonra dəhlizin birinci, daha sonra ikinci sonluğuna doğru yeriməyə başladı. Bir az da yuxarı qalxdı, karıxdırıcı axtarışına davam etdi: binadakı bütün qapılar yaşıl rənglə boyanmışdı. Hələ də heç nə anlamayan Rudolf heyrət içində aşağı düşdü, küçəyə çıxdı. Afrikalı qeyri-adi qiyafədə əvvəlki yerində durmuşdu. Rudolf əlindəki hər iki vərəqəni ona uzatdı.

– Lütfən, izah edin, nə üçün bu vərəqələri mənə verdiniz? Bunun mənası nədir axı? – soruşdu.

Qaradərili dişini ağardaraq və əli ilə ona işəgötürənin reklamını göstərərək:

– Odur, – dilləndi. – Təəssüf ki, birinci hissəsinə gecikdiniz!

Baxışıyla qaradərilinin nişan verdiyi səmti izlədi. Teatr salonunun giriş qapısı üzərində gözqamaşdırıcı elektrik hərfləri ilə yazılmış yeni tamaşanın adı aydın oxunurdu: “YAŞIL QAPI”.

– Eşitmişəm ki, birinci növ pyesdir, cənab, – qaradərili dilləndi. – Teatr nümayəndəsi bu vərəqələri həkimin vərəqəsi ilə birlikdə paylamağım üçün mənə yaxşı pul təklif etdi. İstəsəniz, sizə həkimin də vərəqəsini verə bilərəm, cənab.

Rudolf evə tələsmədi, yaşadığı məhəllənin tinindəki bir guşədə bir parç pivə içmək və siqaret çəkmək istədi. Siqaretini çəkib qurtaran kimi küçəyə çıxdı, paltosunun bütün düymələrini bağladı, şlyapasını boynunun arxasına doğru itələdi və yaxınlıqdakı küçə fənərinə üzünü tutaraq qəti şəkildə etiraf etdi:

– Hər halda, inanıram ki, o qızı tapmağım üçün mənə yol göstərən taleyin özüdür ki var!




PUL VƏ MƏHƏBBƏT


Keçmiş fabrik sahibi və “Evrika” sabununun patentçisi olan qoca Entoni Rokvoll Beşinci küçədə yerləşən evinin pəncərəsindən boylanıb gülümsədi. Sağ tərəfdə yaşayan qonşusu – aristokrat və klubmen C. van Şuylayt Saffolk-Cons fasadı İntibah[38 - İntibah, Renessans (fr. Renaissance, ital. Rinascimento – "Yenidən doğulma") – Qərbi və Mərkəzi Avropa ölkələrinin mədəniyyət tarixində orta əsr mədəniyyətindən yeni dövr mədəniyyətinə keçid dövrü.] dövrünün heykəltəraşlıq əsərləri ilə bəzədilmiş qonşu saraya nifrətlə baxıb onu gözləyən maşına əyləşdi.

– Müflis olmuş qoca müqəvvanın lovğalığına bax! – keçmiş sabun kralı düşündü, – sağlamlığının qeydinə qal da, yoxsa tezliklə yerin muzey olacaq. Gələn yay bütün fasadı qırmızı, ağ və göy zolaqlarla bəzəyəcəm – onda görərik holland burnunu necə sallayacaqsan.

Elə bu vaxt bütün ömrü boyu qapı zənglərindən xoşu gəlməyən Entoni Rokvoll kitabxananın qapısına yaxınlaşıb elə səslə “Mayk!” deyə bağırdı ki, bir vaxtlar o səs Kanzas çöllərində eşidiləndə az qalırdı göy üzü yerindən oynayıb Kanzas düzünün üstünə düşsün.

– Oğluma deyin ki, evdən çıxmazdan əvvəl yanıma gəlsin, – gələn xidmətçiyə əmr etdi.

Gənc Rokvoll kitabxanaya gələndə qoca qəzeti kənara qoyub tamamilə qırışsız çəhrayı sifətinə səmimi bir ciddiyyət verərək ona baxdı; bu vaxt o, bir əli ilə çallanmış saçlarını qarışdırır, bir əliyləsə cibindəki açarları cingildədirdi.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/vilyam-genri/hekay-l-r-68289358/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Çariça Savskaya (ivrit. Malkat Şva, fars. Melikat Saba, ərəb. Balkis) – əfsanəvi Səba (Şeba) padşahlığının (müasir Yəmən dövlətinin ərazisində yerləşirdi) çariçası; e.ə. X əsrdə mövcud olduğu bildirilir. Bibliyada onun adı çəkilməsə də, Yerusəlimi, çar Solomonu (Süleyman peyğəmbər) ziyarət etdiyi qeyd olunur. Quranın 27-ci surəsində də Balkis adı ilə cin insan kimi təqdim edilir. Tarixi faktlar belə bir qadın rəhbərin olmadığını bildirsə də, Yaxın Şərq, Şimali Afrika və bir sıra Avropa ölkələrinin folklorunda adıçəkilən xanımın gözəlliyi və şücaəti haqqında bəhs edilir. Azərbaycan folklorunda onun adı Bilqeyis xatun adı ilə Süleyman peyğəmbərin hərəmi kimi qeyd olunur.




2


Çar Solomon – Süleyman peyğəmbər, Davud peyğəmbərin oğlu. Tövrata görə, e.ə. 965-928-ci illərdə hakimiyyətdə olmuş üçüncü yəhudi çarı. Bütün səmavi dinlərdə müdriklik və ədalət simvolu kimi təqdim olunur. Dini rəvayətlərə görə, quşların və heyvanların dilini bilirmiş.




3


Rembrandt (1606-1669) – məşhur Niderland rəssamı




4


Emil Valdteyfel (1837-1915) – Fransa bəstəkarı, dirijor və pianoçusu




5


Friderik Şopen (1810-1849) – dünya şöhrətli Polşa bəstəkarı, pianoçusu




6


Qızıl darvaza – bu körpü San-Fransisko (ABŞ) şəhərinin ən gözəl arxitektur nümunələrindən biridir. Onun tikintisi 4 il davam etmişdir və keçən əsrin 37-сi ilində tamamlanmışdır. Körpünün uzunluğu 1970 metr, asılı hissəsinin uzunluğu isə 1280 metrdir. Avtomobil yolu 6 cərgəlidir. Körpünü həm piyada, həm də velosipedlə keçmək olar.




7


Hatteras burnu – ABŞ-ın Şimali Karolina sahilində burun. Gözlənilməz tufan, duman və burulğanları olduğu üçün buraya “Gəmi qəbiristanlığı” da deyilir. Dünyanın ən böyük mayaklarından (60,5 m) biri buradadır.




8


Qorn burnu – Cənubi Amerikanın Odlu Torpaq arxipelaqının ən ucqar nöqtəsi. Qorn adasının sahilində yerləşən bu burun 1616-cı ildə holland səyyahları tərəfindən tapılıb.




9


Labrador – Şimali Amerikada yarımada




10


Maestri (1779-1812) – italyan rəssamı, neoklassisizm cərəyanının nümayəndəsi




11


Benvenuto Çellini (1500-1571) – İntibah dövrünün görkəmli italyan heykəltəraşı, zərgəri, rəssamı, musiqiçisi




12


Fut – ingilis ölçü sistemində 30,48 sm-ə bərabər uzunluq vahidi




13


Düym – 2,54 sm-ə bərabər uzunluq ölçüsü




14


Panel – divarın aşağı hissəsindəki haşiyə




15


Portyer – qapı və pəncərə pərdəsi




16


Qraf Monte Kristo – Aleksandr Dümanın macəra dolu romanının qəhrəmanı




17


Obelisk – sütun şəklində daş abidə




18


Xoral – kilsədə xor şəklində oxunan dua




19


Filantropiya (yunan. – insanı sevmək) – xeyriyyə işləri ilə məşğul olmaq, ehtiyacı olan insanlara yardım etmək




20


Protoplazma (yunan. – ilk, birinci) – canlı toxuma, hüceyrə. Bu termin ədəbiyyata 1839-cu ildə gətirilib və XX əsrin əvvəllərinə qədər bədii ədəbiyyatda da geniş istifadə olunurdu.




21


Şükranlıq günü – rəsmi amerikan bayramı; Yeni Dünyada ilk məhsul yığımı şərəfinə (noyabrın axırıncı cümə axşamı) Yeni İngiltərənin kolonistləri tərəfindən təsis edilmişdir.




22


Oladya – buğda unundan hazırlanmış kökə




23


“Ütü” göydələni (ing. Flatiron Building) – 1902-ci ildə Nyu-York şəhərində inşa edilib. Memarı Daniel Bernhemdir. 82 m-lik bina vaxtilə dünyanın ən hündür göydələni hesab olunurdu. Bina öz formasına görə öndən ütüyə bənzəsə də, maraqlıdır ki, yandan və arxadan adi, dördkünc tikiliyə bənzəyir, başqa sözlə, vizual aldadıcı görkəmi var. Dünyanın 11 ən yaxşı binası siyahısında özünə yer eləyə bilib.




24


Milan kilsəsi – İtaliyanın ən gözəl memarlıq nümunələrindən biridir. Bu, Avropada mərmərdən hazırlanmış və qotika üslubunda yeganə kilsədir. Kilsənin tikilişi 1386-cı ildə başlasa da, 1765-1769-cu illərdə inşaat işləri başa çatmış, fasadı isə XIX əsrdə tamamlanmışdır. Kilsənin hündürlüyü 106,5 metrdir.




25


Reqaliya – hökmdarlara məxsus olan əşya




26


Basil – mikrob




27


Kotilyon – qədim rəqs növü




28


Manhetten qəbiləsi – yazıçı burada satirik kinayədən istifadə edir. Əslində, Manhetten Nyu-Yorkun zəngin adamlarının yaşadığı ən nüfuzlu hissəsidir (red.).




29


Viqvam – maral dərisindən tikilmiş hindu çadırı




30


Monokl – eynək və ya pensne əvəzinə göz çuxuruna qoyulan bir göz üçün dairəvi optik şüşə




31


Mikelancelonun Moiseyi – italyan rəssam və heykəltəraşı Mikelancelonun 1513-1516-cı illərdə işlədiyi Musa peyğəmbərin heykəli. Oturaq vəziyyətdəki mərmər heykəlin hündürlüyü 235 sm-dir.




32


Portveyn – şirin şərab növü




33


Mil – 1609 metrə bərabər uzunluq vahidi




34


Romalı burnu – qartal burun. Əsasən, Aralıq dənizi hövzəsində, Şərqdə və Qafqazda belə burunlu insanlara rast gəlinir.




35


Mops – vətəni Çin olan yastıburun it cinsi




36


Əl dəsmalını yerə atmaq – XX əsrin əvvəllərinədək qadınlar xoşlarına gələn, tanış olmaq istədikləri kişiyə işarə vermək üçün ad və soyadlarının üzərinə toxunduğu əl dəsmalını həmin kişi götürsün deyə yerə salardılar (red.).




37


“İliada” – antik yunan ədibi Homerin əsəri




38


İntibah, Renessans (fr. Renaissance, ital. Rinascimento – "Yenidən doğulma") – Qərbi və Mərkəzi Avropa ölkələrinin mədəniyyət tarixində orta əsr mədəniyyətindən yeni dövr mədəniyyətinə keçid dövrü.



Kitaba dünyanın qısa hekayə ustaları arasında xüsusi yer tutan O.Henrinin seçmə əsərləri toplanıb. Cəmiyyətdəki sosial ziddiyyət və mənəvi eybəcərlikləri bu əsərlərin ana xəttini təşkil edir.

Как скачать книгу - "Hekayələr" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Hekayələr" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Hekayələr", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Hekayələr»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Hekayələr" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Видео по теме - Həyat Bir Yuxudur - İbrətli Hekayə - AZ-ÖZ

Книги серии

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *