Книга - Hekayələr

a
A

Hekayələr
Konstantin Paustovski


Hekayə ustaları
Konstantin Paustovskinin seçmə hekayələrinin toplandığı bu kitabdakı əsərlərin ana xəttini təbiətə və vətənə sevgi, bəşəri dəyərlərin tərənnümü təşkil edir.





Konstantin Paustovski

Seçmə hekayələr





TOXUCU NASTYA


Gecə Alatau dağında güclü tufan qopdu. Göy gurultusundan qorxan iri, yaşıl cırcırama hospitalın pəncərəsindən hoppanıb krujevalı pərdəyə qondu. Yaralı leytenant Rudnev çarpayısında dikəlib uzun-uzadı cırcıramaya və pərdəyə tamaşa elədi. Göyümtül işıqlı, şiddətli ildırım çaxdıqca pərdənin üzərindəki mürəkkəb naxışlar – qabarıq qızılgül və kəkilli xoruz təsvirləri gözə çarpırdı.

Səhər açıldı. Bayırda tufandan sonrakı sarı səma göz oxşayırdı. Rəfiqələr kimi yanaşı çıxmış iki göyqurşağı zirvələrdə boy göstərirdi. Pəncərə altlığındakı yabanı güllərin yaş ləçəkləri qızmar kömür kimi alışıb-yanırdı. Hava boğanaq idi. Yaş qayalardan buğ qalxırdı. Uçurumda diyirlənən çay daşlarının gurultusu eşidilirdi.

– Bu da Asiya! – Rudnev dərindən nəfəs aldı. – Amma krujevalı pərdə bizimkidir – şimala aiddir və onu hansısa gözəl bir Nastya toxuyub!

– Niyə belə düşünürsünüz ki? – deyə soruşdum.

Rudnev gülümsədi.

– Leninqrad ətrafında, bizim hərbi batareyada baş vermiş hadisəni xatırladım, – deyə cavab verdi.

O bu hekayəni danışmağa başladı.

1940-cı ilin yayında leninqradlı rəssam Balaşov şimal tərəflərə ov etməyə və rəsm çəkməyə getmişdi. Köhnə çay gəmisindən düşüb elə xoşuna gəldiyi ilk kənddəcə məskunlaşmış, kənd müəlliminin evində qərar tutmuşdu. Bu kənddə meşəbəyi atası ilə birgə yaşayan Nastya adlı qız vardı. Kənddə gözəlliyi və yaxşı toxuculuğu ilə ad çıxarmışdı. Nastya bütün şimal qızları kimi sakittəbiətli, qonurgözlü bir qız idi.

Bir dəfə onun atası necəsə meşədə ov edən Balaşovu ehtiyatsızlıqdan güllə ilə yaralamışdı. Sinəsindən yaralanmış rəssamı tez kənd müəlliminin evinə gətirmişdilər. Bədbəxt hadisədən dilxor olmuş qoca meşəbəyi yaralıya qulluq göstərməsi üçün qızını müəllimin evinə yollamışdı. Beləcə yaralıya qulluq göstərə-göstərə Nastyanın qəlbində ona qarşı saf məhəbbət baş qaldırmışdı. Amma utancaqlığı üzündən sevgisini büruzə verə bilməmiş, rəssam da heç bir şey hiss etməmişdi.

Balaşovun Leninqradda arvadı var idi, amma o heç vaxt evli olduğu barədə nə kənddəkilərə, nə də Nastyaya bir söz deməmişdi. Kənddə hamı belə hesab edirdi ki, Balaşov subay, tənha adamdır.

Yarası sağalan kimi Balaşov Leninqrada getmişdi. Yola düşməzdən əvvəl isə gələcəyini qabaqcadan xəbər vermədən Nastyagilin evinə gedərək qıza göstərdiyi qulluğa görə hədiyyə vermiş, Nastya da bu hədiyyəni məmnuniyyətlə qəbul etmişdi. Balaşov ilk dəfə idi ki, şimal kəndlərinə qonaq gəlmişdi, buranın adət-ənənəsindən xəbərsiz idi. Şimalın qayda-qanunları möhkəm və uzunmüddətli olur, yeni zəmanənin təzyiqi altında dərhal sarsılmır. Balaşov haradan biləydi ki, bir kişi qız evinə xəbərsiz gəlib hədiyyə gətirirsə və bu hədiyyə də qəbul edilirsə, kişi həmin qızın nişanlısı sayılır. Bax şimalda məhəbbət belə izhar olunurdu!

Nastya utana-utana rəssamdan soruşmuşdu ki, Leninqraddan nə vaxt kəndə qayıdacaq. Heç bir şeydən şübhələnməyən Balaşov zarafatyana tezliklə qayıdacağını cavab vermişdi.

Balaşov getmiş, Nastya da onun yolunu gözləməyə başlamışdı. Qızmar yay ötmüş, rütubətli, acı payız geridə qalmış, amma Balaşov geri dönməmişdi. Hövsələsiz intizar təlaş, məyusluq və utancla əvəzlənmişdi. Kənddə söz gəzirdi ki, Nastyanın nişanlısı onu aldadıb atıb. Amma Nastya deyilənlərə inanmırdı. O əmin idi ki, Balaşovun başına bir bədbəxt hadisə gəlib.

Bahar da, öz növbəsində, yeni qayğılar gətirmişdi. Bu dəfə yaz çox gec girmişdi. Çay aşıb-daşmışdı, heç kəs sahilə yan ala bilmirdi. Yalnız iyunun əvvəlində ilk gəmi bənd almadan kəndin sahilindən ötüb-keçmişdi.

Bir gecə intizardan səbri daşmış Nastya atasından gizlincə Leninqrada – Balaşovu axtarmağa yollanmışdı. İki gündən sonra stansiyaya çatan qız burada öyrənmişdi ki, bu səhər müharibə başlayıb. Ömründə qatar görməmiş kənd qızı böyük ölkəni keçib, nəhayət, Leninqrada çatmış və Balaşovun evini axtarıb tapmışdı. Qapını qızın üzünə Balaşovun əynində gecə paltarı, ağzında papiros tutmuş arvadı açmışdı. Çaşqın halda Nastyaya baxaraq Balaşovun evdə olmadığını, Leninqrad ətrafına, cəbhəyə aparıldığını bildirmişdi. Nastya məhz burda həqiqəti – Balaşovun evli olduğunu öyrənmişdi. Deməli, onu aldadıb, sevgisini ələ salıb?.. Balaşovun arvadı ilə söhbət etmək qıza ağır gəlirdi. Bu şəhər mənzilində, ipək örtüklü divanın, səpələnmiş pudranın, zəhlətökən telefon zənglərinin arasında olmaq onun üçün dəhşətli idi.

Nastya baş götürüb burdan qaçmışdı. Kədərli halda hərbi düşərgəyə çevrilmiş böyük şəhərdə çarəsizcəsinə addımlayırdı. Nə meydanlardakı zenit toplarına, nə qum kisələri ilə əhatələnmiş heykəllərə, nə əsrlər boyu əzəmətini itirməmiş sərin bağlara, nə də təntənəli binalara fikir verirdi.

Beləcə, Neva çayının sahilinə gəlib çatdı. Qara sulu çay qranit sahillərin səviyyəsinə qalxmışdı. Bax burda, bu sularda dözülməz kədərdən, uğursuz məhəbbətdən xilas olacaqdı. Nastya anasının bir zamanlar hədiyyə verdiyi köhnə yaylığı başından açıb sürahinin kənarından asdı. Sonra sıx hörüklərini hamarlayıb sürahinin buruğuna qalxdı. Elə bu an kimsə onun əlindən tutub saxladı. Qız çevrilib baxdı: qoltuğunda döşəmə silmək üçün şotka tutmuş arıq bir kişi arxasında dayanmışdı. Onun fəhlə paltarına sarı boya çilənmişdi. Kişi başını bulayıb dedi:

– Belə bir vaxtda düşündüyün şeyə bax, səfeh!

Trofimov adlı bu fəhlə qızı evinə aparıb liftçi işləyən arvadına tapşırdı. Bu, hay-küylü, qərarlı, kişilərə qarşı hörmətsiz davranan bir qadın idi. Beləliklə, Trofimovlar ailəsi Nastyaya qol-qanad gərdi. Qız uzun müddət xəstə yatdı. İlk dəfə liftçi qadının dilindən eşitdi ki, Balaşovun heç bir günahı olmayıb. Heç kim şimal kəndlərinin adətlərini bilmək məcburiyyətində deyil, üstəlik, qızı qınadı da. Dedi ki, yalnız onun kimi kənd qızları qarşısına çıxan ilk oğlana dəlicəsinə aşiq ola bilərlər. Liftçi qadın onu məzəmmət etsə də, Nastya sevinirdi. Çünki başa düşürdü ki, Balaşov onu aldatmayıb və yenə də onu görmək arzusu ilə alışıb-yanırdı.

Trofimovu tezliklə cəbhəyə apardılar, Nastya liftçi qadınla tək qaldı. Nastya tamam-kamal sağalanda qadın onu tibb kurslarına yazdırdı. Dərs deyən həkimlər Nastyanın cəld sarğı açıb-bağlamasına, onun incə, amma güclü olan əl və barmaqlarının qıvraqlığına heyran qalmışdılar. “Mən axı toxucuyam”, – deyə Nastya özünə haqq qazandırırmış kimi cavab verirdi.

Beləcə, mühasirədə olan Leninqradın, gecələri top gurultuları, bombardmanlarla dolu qışı keçib-getdi. Nastya kursu bitirib cəbhəyə göndəriləcəyi günü gözləyirdi. Gecələr isə Balaşovu, qoca atasını düşünürdü. Atası, yəqin ki, ömrünün sonuna kimi qızının niyə gizlincə evi tərk etdiyini anlamayacaqdı. Məzəmmət etməyəcəkdi, bağışlayacaqdı, amma yenə də onu başa düşməyəcəkdi.

Yazda, nəhayət ki, Nastyanı Leninqrad ətrafındakı cəbhəyə yolladılar. Hər yerdə – dağılmış saray parklarında, xarabalıqlarda, yanğın yerlərində, istehkamlarda, hərbi hissələrdə, seyrək meşələrdə, düzəngahlarda Balaşovu axtarır, onu soraqlayırdı. Cəbhədə təsadüfən evində qaldığı Trofimovla rastlaşdı. Çənədən boş olan bu kişi əsgərlərə öz sevgilisini axtaran bu şimal qızı haqqında danışdı. Qız haqqında söz-söhbət dastan kimi tezliklə yayılmağa, daha geniş vüsət almağa başladı. Bu dastan hərbi hissədən-hissəyə, bölmədən-bölməyə yayıldı. Bunu motosikletçilər, sürücülər, sanitarlar, rabitəçilər yayırdılar. Əsgərlər gözəl qızın axtardığı bu naməlum sevgiliyə həsəd aparırdılar və arxa cəbhədə qoyub gəldikləri öz nişanlılarını, əzizlərini qüssəylə xatırlayırdılar. Hər bir əsgər öz yaxınlarına dinc həyat arzulayır, könüllərində onların xatirəsini saxlayırdı. Rusiyanın şimalından gələn bu qız haqqında bir-birinə danışır, öz təxəyyüllərinin gücü ilə onu daha da bəzəyirdilər. Hər bir əsgər and içirdi ki, Nastya onun həmyerlisidir. Ukraynalılar, sibirlilər, ryazanlılar hesab edirdilər ki, Nastya məhz onun doğma torpağından gəlib. Hətta uzaq Asiyadan gəlmiş qazaxlar belə inandırırdılar ki, Nastya Qazaxıstandandır.

Nastya haqqındakı əfsanələr Balaşovun xidmət etdiyi sahilyanı hərbi hissəyə də gəlib çatmışdı. Rəssam da digər əsgərlər kimi sevgilisini axtaran bu naməlum qızın dərin məhəbbətinin gücündən təsirlənmişdi. O bu qız haqqında tez-tez düşünür, onun sevdiyi oğlana həsəd aparırdı. Axı haradan biləydi ki, o, özü özünə həsəd aparır?!

Balaşovun ailə həyatı uğurlu alınmamışdı. Evliliyinin gələcəyi sual altında idi. Amma bax başqalarının bəxti necə gətirir! Ömür boyu böyük sevgi arzulamışdı, indi isə düşünürdü ki, belə şeylər barədə xəyal qurmaq gecdir. Gicgahlarında ağ tüklər görünür…

Nəhayət, bir gün Nastya Balaşovun xidmət etdiyi hərbi hissəni tapdı, amma rəssamın özünü orda tapa bilmədi. Çünki Balaşov iki gün əvvəl həlak olmuş və körfəzin sahilindəki şam meşəliyində dəfn edilmişdi.

Rudnev bir anlıq susdu.

– Sonra nə oldu?

– Sonra? – Rudnev təkrar soruşdu. – Sonra əsgərlər necə lazımdır vuruşdular və biz almanların mühasirəsini dağıdıb onları cəhənnəmə vasil elədik. Biz mühasirə zolağını havaya sovurub toz-torpaq qarışıq yerlə bir etdik. Mən insanların belə şiddətli, eyni zamanda müqəddəs qəzəbinə nadir hallarda rast gəlmişəm.

– Bəs Nastya necə oldu?

– Necə olacaq! İndi bütün diqqətini, qayğısını yaralılara yönəldib. Cəbhənin bizə aid məntəqəsində ən yaxşı tibb bacısıdır!




ALABALIQLARIN ÜZDÜYÜ KİÇİK ÇAYLAR


Bir Napoleon ordusu marşalının taleyi barədə – tarixçiləri və vasvası adamları qıcıqlandırmamaq üçün onun adını söyləməyək – insan hislərinin kasadlığından şikayət edən sizlərə danışmağa dəyər.

Bu marşal hələ gənc idi. Saçına düşmüş azacıq dən və yanağındakı çapıq onun üzünə xüsusi yaraşıq verirdi. Bu çapıq məhrumiyyət və hərbi yürüşlərin ucbatından daha da tündləşmişdi.

Əsgərlər marşalı sevirdilər, çünki o onlarla müharibənin ağırlığını bölüşürdü. O, tez-tez plaşına bürünüb elə tonqalın yanındaca uzanıb yatardı, səhərlər isə şeypurun xırıltılı səsinə oyanardı. Əsgərləri ilə bir qabdan yeyib-içər, üstü toz basmış, sürtülmüş mundir geyərdi.

Bu adam yorucu yürüşlərdən və döyüşlərdən başqa bir şey görməmişdi. Onun heç vaxt ağlına gəlməmişdi ki, yəhərdən əyilib kəndlidən soruşsun ki, indicə atının tapdaladığı otun adı nədir. Yaxud əsgərlərinin Fransa şərəfinə istila etdiyi şəhər nələri ilə məşhurdur. Ardı-arası kəsilməyən müharibələr ona susqunluq öyrətmiş, öz həyatını unutdurmuşdu.

Bir dəfə qış vaxtı marşalın Lombardiyada[1 - Lombardiya – İtaliyanın şimalında administrativ region; mərkəzi Milan şəhəridir.] düşərgə salmış süvari bölüyü təcili Almaniyaya yola düşmək və əsas orduya qoşulmaq haqda əmr almışdı. Yürüşün on ikinci günü bölük gecələmək üçün kiçik bir alman şəhərində dayanmışdı. Qara bürünmüş dağlar gecənin qaranlığında ağarır, fıstıq meşəsi göz işlədikcə uzanırdı. Bu ümumi durğunluqda bircə ulduzlar bərq vurmaqla hərəkət edirmiş kimi görünürdü.

Marşal mehmanxanada qalmışdı. Sadə şam yeməyindən sonra o, kiçik zaldakı buxarının qarşısında oturub tabeliyində olanları dincəlməyə buraxmışdı. Yorulmuşdu, tək qalmaq istəyirdi. Qulağınacan qara bürünmüş şəhərciyin sükutu ona gah uşaqlığını, gah da bu yaxınlarda gördüyü, bəlkə də, heç mövcud olmamış yuxunu xatırladırdı. Yaxşı bilirdi ki, bu günlərdə imperator həlledici döyüşlə bağlı qərar verəcək və özünü inandırırdı ki, adət etmədiyi bu sakitlik ona şiddətli hücumqabağı sonuncu istirahət kimi çox gərəklidir.

Alov insanlarda keyləşmə, yerində donub-qalma yaradır. Buxarıda çırtıltıyla alovlanan odun parçalarından gözünü çəkməyən marşal necə donub-qalmışdısa, içəri yaşlı, arıq, quşsifət bir adamın girdiyindən xəbər tutmamışdı. Adamın əynində yamanmış frak vardı. Naməlum kişi buxarıya yaxınlaşıb donmuş əlini qızdırmağa başladı. Marşal başını qaldırıb narazı halda ondan soruşdu:

– Siz kimsiniz, cənab? Səssiz-səmirsiz niyə burda peyda olursunuz?

– Mən musiqiçi Baumveysəm, – kişi cavab verdi. – Mən ehtiyatla içəri girdim, çünki bu qış gecəsində adam istər-istəməz səs-küysüz hərəkət etmək istəyir.

Musiqiçinin səsi və siması rəğbət oyadırdı və marşal bir az düşünüb dedi:

– Buxarıya yaxın oturun, cənab. Etiraf edim ki, həyatımda belə sakit gecələrim az ələ düşüb, ona görə də sizinlə söhbət etməyə şad olardım.

– Təşəkkür edirəm, – musiqiçi cavab verdi, – ancaq icazə versəydiniz, royal arxasına keçib ifa edərdim. Artıq iki saatdır ki, bir musiqi ağlımdan çıxmır: onu çalmalıyam. Yuxarıda, mənim otağımda isə royal yoxdur.

– Yaxşı… – marşal dedi, – düzü, bu gecənin sükutu hətta ən ilahi musiqi ilə belə müqayisə oluna bilməz…

Baumveys royal arxasına keçib güclə eşidiləcək səslə çalmağa başladı. Marşala elə gəldi ki, şəhərciyin ətrafında dərin və yüngül qar dənəcikləri səslənir, qış zümzümə edir, qardan ağırlaşmış fıstıq ağaclarının budaqları mahnı oxuyur, hətta buxarıdakı ocaq da cingildəyir.

Yanan odunlara baxıb ocağın deyil, çəkməsindəki mahmızın cingildədiyini görən marşal üz-gözünü turşutdu.

– Deyəsən, gözlərimə əcaib-qəraib şeylər görünməyə başlayır, – dedi. – Siz, yəqin ki, çox möhtəşəm bir musiqiçisiniz.

– Yox, – Baumveys dedi və çalmağa ara verdi, – mən kiçik knyazların və tanınmış adamların bayram şənliklərində, toylarında ifa edirəm.

Artırmanın yaxınlığında tirlərin cırıltısı eşidildi. Atlar kişnədilər.

– Budur, – Baumveys ayağa qalxdı, – dalımca gəliblər. İcazənizlə sizinlə vidalaşım.

– Hara belə? – marşal soruşdu.

– Burdan iki lyö[2 - Lyö – təxminən 4,5 km-ə bərabər uzunluq ölçü vahidi; arxaik sözdür. Müasir fransız leksikonunda işlənmir (red.).] aralıdakı dağlarda meşəbəyi yaşayır, – musiqiçi cavab verdi. – İndi onun evində bizim gözəl müğənnimiz Mariya Çerni qonaq qalır. Müharibənin yanlışlıqları ucbatından buralarda gizlənir. Bu gün Mariya Çerninin iyirmi üç yaşı tamam olur. Bu münasibətlə kiçik bir şənlik təşkil edir. Qoca pianoçu Baumveys olmadan hansı şənlik keçər ki!

Marşal kreslodan qalxdı.

– Cənab, – dedi, – mənim rəhbərlik etdiyim hərbi bölmə sabah səhər bu şəhərdən çıxacaq. Sizə qoşulub gecəni meşəbəyinin evində keçirsəm, mənim tərəfimdən nəzakətsizlik olmaz ki?

– Siz necə istəyirsiniz, – Baumveys təmkinlə cavab verib təzim etdi, amma hiss olunurdu ki, o, marşalın sözündən təəccüblənib.

– Ancaq, – marşal dedi, – bu barədə heç kimə bir söz deməyin. Mən arxa qapıdan çıxıb quyunun yanında kirşəyə əyləşəcəyəm.

– Necə məsləhətdir, cənab, – musiqiçi yenidən təzim edərək bayıra çıxdı.

Marşal gülümsədi. Bu gecə o, şərab içməmişdi, amma qayğısız bir məstlik qeyri-adi bir qüvvəylə onu ağuşuna almışdı.

– Qışa doğru! – öz-özünə dedi. – Cəhənnəm olsun hər şey, meşəyə, gecə dağlarına üz tutaq! Əla!

O, paltosuna bürünüb hiss olunmadan mehmanxananın arxa bağçasından çıxdı. Quyunun yanında kirşə dayanmışdı: danışdıqları kimi, Baumveys artıq onu gözləyirdi. Xırıldayan atlar hasarın böyründəki gözətçinin yanından ötəndə o, bir az ləng tərpənsə də, adəti üzrə etdiyi kimi, tüfəngi çiynində dikəldib marşala hərbi salam verdi. O, gedən kirşənin zənglərinin cingildəməsinə xeyli qulaq verdi, sonra başını yırğalayıb dedi:

– Ah, bu nə gecədir! Eh, heç olmasa, bir qurtum yaxşı şərab olsaydı!..

Atlar cilalanmış gümüşə bənzəyən qarın üstü ilə çapırdılar. Qar dənələri onların isti sifətində əriyirdi. Sanki şaxta meşəni tilsimləmişdi. Qara sarmaşıqlar fıstıq ağaclarının gövdələrinə bərk-bərk sıxılmışdı, elə bil ağaca həyat verən şirəni qızdırmaq istəyirdi.

Qəflətən atlar kiçik çayın yanında dayandılar. Çay donmamışdı. O, köpüklənir, tufandan böyrü üstə yıxılmış ağaclarla, donmuş yarpaqlarla qalaqlanmış cəngəllikdən, dağ mağaralarından qopub xırda daşları diyirlədərək kükrəyirdi. Atlar çaydan su içirdilər. Onların nalları altında qıjıldayan su şırnaqlarında nəsə axıb gedirdi: onlar yana tullanıb dar yola tərəf sıçrayırdılar.

– Alabalıqlar… – arabaçı dedi. – Şən balıqlardır!

Marşal gülümsədi. Məstliyi hələ də çəkilib getməmişdi. Bu qəribə sərxoşluq atlar kirşəni dağ döşündəki hündür damlı köhnə evə çatdıranda da onu tərk etmədi.

Pəncərələrdən işıq süzülürdü. Arabaçı kirşədən hoppanıb örtüyü kənara çəkdi.

Qapılar taybatay açılmışdı və marşal Baumveysin müşayiəti ilə alçaqtavanlı otağa girərək paltosunu soyunub kandarda dayandı. Otaqda geyimli-kecimli bir neçə qadın və kişi vardı. Qadınlardan biri ayağa qalxdı. Marşal ona nəzər yetirib təxmin etdi ki, bu, Mariya Çernidir.

– Məni bağışlayın, – deyə azacıq qızarıb dedi. – Dəvətsiz gəlişimə görə üzr istəyirəm. Ancaq biz əsgərlər nə ailə, nə bayram, nə də dinc şənliklər bilirik. İcazə versəydiniz, sizin ocağın istisinə qızınardım.

Qoca meşəbəyi marşala təzim etdi, Mariya Çerni isə tez yaxın gəlib marşalın gözlərinə baxaraq əlini uzatdı. Marşal onun əlini öpdü, amma bu əl ona buz kimi soyuq gəldi. Hamı susurdu. Mariya Çerni ehmalca marşalın yanağına toxunub barmağını dərin çapıq boyu gəzdirərək soruşdu:

– Bu, çox ağrıtmışdı?

– Hə, – karıxmış marşal cavab verdi, – bu, iti bir xəncərin zərbəsi idi.

Bu sözdən sonra qadın onun əlindən tutub qonaqların yanına apardı. O öz nişanlısını qonaqlara təqdim edirmiş kimi utancaq və eyni zamanda sevincək halda marşalı onlarla tanış etdi. Qonaqlar arasına çaşqın pıçapıç düşmüşdü.

Bilmirəm oxucuya Mariya Çerninin xarici görünüşünü təsvir etməyə ehtiyac varmı? Əgər siz də mənim kimi bu qadının yaşadığı dövrdənsinizsə, onda yəqin ki, onun parlaq gözəlliyi, incə yerişi, şıltaq, amma valehedici xasiyyəti haqqında eşitmiş olmalısınız. Hələ indiyədək Mariya Çerninin məhəbbətinə ümid etməyə cəsarəti çatan bir kişi olmayıb. Bəlkə də, elə marşal kimi kişi onun məhəbbətinə layiq ola bilərdi.

Sonra nələr oldu? Marşal meşəbəyinin evində iki gün qaldı. Sevgi haqqında danışmayaq, çünki biz hələ də bu hissin nə olduğunu bilmirik. Bəlkə, bu, bütün gecəni yağan qalın qardır? Yaxud qışda da axan, içində alabalıqların üzdüyü kiçik çaylardır? Bəlkə, bu, səhərə yaxın şamlar yanıb qurtaranda duyulan köhnə qatranın qoxusudur; ulduzlar Mariya Çerninin gözlərində əks olunmaq üçün pəncərəyə sıxılanda eşidilən gülüş və nəğmə səsidir?! Kim bilir?! Bəlkə də, bu, çılpaq əlin sərt epoletə toxunuşudur, barmaqların soyuq saçlardakı sığalıdır. Bu – qəlbin heç vaxt gözləmədiyi nəvaziş və incəlikdən, gecə qaranlığında meşədə eşidilən rabitəsiz pıçıltılardan yaranan kişi göz yaşlarıdır. Ola bilsin ki, bu – uşaqlığın qayıdışıdır. Kim bilir ki?! Bəlkə də, bu, ayrılıq qabağı məyusluqdur – ürək yerindən qopub düşərkən Mariya Çerninin qıc olmuş əllərinin onların məhəbbətinə şahid olmuş otağın qapı tayını, divar kağızını hiddətlə tumarlamasıdır. Nəhayət, bəlkə də, bayırda – tüstülü məşəllərin işığında Napoleon jandarmının sərt hay-küylə yəhərdən enib evə girərək, imperatorun şəxsi əmri ilə ordudan yayınmaqda günahlandırılan marşalın həbsi zamanı qadının qışqırığı və özündən getməsidir…

Elə hekayətlər var ki, quş kimi bir dəfə sezilməklə gözdən itir, amma onların məcburən şahidi olmuş insanların hafizəsində ömürlük qalır.

Ətrafda hər şey olduğu kimi qalmışdı. Yenə də külək əsəndə meşədə hər tərəfi uğuldadır, qaralmış xəzəlləri çaylarda yaratdığı kiçik burulğanlarda hərlədirdi. Yenə də dağlarda baltaların səsi əks-səda verir, şəhərcikdə qadınlar quyunun başına toplaşıb dedi-qodu edirdilər. Amma nədənsə, bu meşə, yavaş-yavaş yerə düşən qar dənəcikləri və kiçik çaydakı alabalıqların parıltısı Baumveysi frakının arxa cibindən köhnə də olsa, ağappaq dəsmalını çıxarıb gözlərinə sıxmağa, Mariya Çerninin qısa məhəbbəti və zaman keçdikcə həyatın musiqiyə oxşaması barədə əlaqəsiz və qəmli sözlər pıçıldamağa vadar edirdi. Lakin Baumveys onu da pıçıldayırdı ki, ürək ağrısına baxmayaraq, bu hadisənin iştirakçısı olduğuna və qoca, zavallı pianoçunun payına düşən nadir həyəcanı yaşadığına görə çox şaddır.




YAĞMURLU SÜBH ÇAĞI


Gəmi Navoloki şəhərinə gecə çatdı. Mayor Kuzmin göyərtəyə çıxmışdı. Narın yağış yağırdı. Liman bomboş idi, təkcə bir fənər yanırdı.

“Bəs şəhər hanı? – Kuzmin öz-özünə dedi. – Qaranlıqdan, yağışdan göz gözü görmür”.

Üşüdüyündən şinelini düymələdi. Çay tərəfdən soyuq hava vururdu. Kuzmin kapitanın köməkçisini tapıb gəminin Navoloki şəhərində nə qədər qalacağını soruşdu.

– Üç saata yaxın, – köməkçi cavab verdi. – Yükləmədən asılıdır. Niyə soruşursunuz? Siz ki burda qalmayıb yolunuza davam edəcəksiniz…

– Məktub çatdırmalıyam. Hospitaldakı qonşumdan arvadına… Qadın burda yaşayır – Navolokidə.

– Hə, gərək tapşırığı yerinə yetirəsiniz… – köməkçi ah çəkdi. – Ətraf zülmət içindədir, ona görə gəminin xəbərdarlıq siqnallarına qulaq asmaq yadınızdan çıxmasın, yoxsa burda qalmalı olarsınız.

Kuzmin limana endi, sürüşkən pilləkənlə sərt sahilə qalxdı. Kolları döyəcləyən yağış damcılarının səsi eşidilirdi. Mayor bir az dayandı ki, gözləri qaranlığa alışsın. Əyri təkatlı fayton gördü. Faytonun kabinəsinin üstü qaldırılmışdı, altından xorultu səsi eşidilirdi.

– Ey, dost! – Kuzmin ucadan çağırdı. – Bəsdir yatdın, onsuz da o dünyada çox yatacaqsan!

Faytonçu yerində çevrilərək bayıra çıxdı, fınxırıb burnunu paltosunun ətəyinə sildi. Yalnız bundan sonra soruşdu:

– Hə, gedirik?

– Gedirik, – mayor cavab verdi.

– Yolumuz harayadır?

Kuzmin küçənin adını dedi.

– Uzaqdır, – faytonçu narahat oldu. – Dediyin yer dağlardadır. Xeyli çəkəcək.

Bunu deyib cilovu dartaraq atı muşqurladı. Fayton ağır-ağır yerindən tərpəndi.

– Sən, deyəsən, Navolokidə yeganə faytonçusan? – mayor soruşdu.

– Yox, iki nəfər qoca faytonçuyuq. Cavanlar müharibədə vuruşurlar. Siz kimin yanına gəlmisiniz?

– Başilovanın.

– Tanıyıram, – deyə faytonçu cəld çevrildi. – Həkim Andrey Petroviçin qızı Olqa Andreyevnanı deyirsiniz. Keçən qış Moskvadan gəlib, atasının evində qalır. Həkimin özü iki ildir ki vəfat edib.

Fayton yırğalanıb cingilti ilə çuxurdan çıxdı.

– Sən yoluna bax, – mayor narazılıqla məsləhət verdi, – ora-bura çevrilmə.

– Yol da elə vəziyyətdədir ki… – faytonçu donquldandı. – Bu yolu gərək gündüz gedəsən. Birtəhər mənzilbaşına çatmaq olur, amma gecələr çala-çuxur görünmür axı!..

Faytonçu sözünü deyib susdu. Kuzmin bir papiros çəkib özünü kabinənin lap içinə verdi. Yarıyadək qaldırılmış üst hissəni narın yağış damcıları döyəcləyirdi. Uzaqdan it hürüşməsi eşidilirdi. Şüyüdün, yaş hasarların, çay rütubətinin qoxusu gəlirdi.

“Saat, yəqin, ən azı gecə birdir”, – deyə Kuzmin düşündü. Elə fikrinin təsdiqi kimi hansısa zəng qülləsində, həqiqətən də, gecə saat biri vurdu.

“Belə yerdə bütün məzuniyyəti qalasan… – mayor düşüncələrinə davam etdi. – Buranın təkcə təmiz havası bəsdir ki, hər şeyi – yaralanmadan sonrakı xoşagəlməzlikləri də unudasan. Bağçaya pəncərəsi açılan balaca bir ev götürmək olar. Belə gecələrdə pəncərəni taybatay açıb bürünərək uzanasan, yağışın səsinə qulaq asasan…”

– Siz onun ərisiniz? – faytonçu soruşdu.

Kuzmin cavab vermədi. Faytonçu düşündü ki, hərbçi onun səsini eşitməyib, ikinci dəfə soruşmağa da cürət eləmədi.

“Aydındır ki, əridir, – deyə kişi fikirləşdi. – Camaat da boş-boş danışır ki, o, ərini hələ müharibədən qabaq atıb. Yalan deyirmişlər…”

– Ax, şeytan! – faytonçu qışqırıb sümükləri çıxmış atı qamçıladı. – Elə bil bunu xəmir yoğurmaq üçün tutmuşam! Diri tərpən!

“Nahaq, gəmi gecikib gecəyarısı gəldi, – mayor düşündü. – Axı nəyə görə Başilov, palatadakı qonşusu, onun Navolokidən keçəcəyini biləndə məktubu arvadına şəxsən çatdırmağı xahiş elədi? İndi gecənin bir aləmində camaatı oyatmaq lazım gələcək, Allah bilir nə düşünəcəklər!”

Başilov ucaboylu, masqaraçı adam idi. Həvəslə, özü də çox danışardı. Nəsə gülməli bir söz deməmişdən əvvəl özü uzun-uzadı qəhqəhə çəkərdi. Orduya çağırılmazdan qabaq Başilov kino rejissorunun köməkçisi işləmişdi. Ona görə də hər gecə palata yoldaşlarına məşhur filmlər barədə ətraflı söhbətlər edərdi. Yaralılar Başilovun hekayətlərini xoşlayardılar, hər axşam bu söhbətləri həvəslə gözləyər, onun yaxşı yaddaşına təəccüb edərdilər. İnsanları dəyərləndirməyə qaldıqda isə Başilov sərt və inadkar idi, ona etiraz edənləri ələ salardı. Amma bu rişxəndi də hiyləgərcəsinə – eyhamla, zarafatla edərdi, ələ salınmış adam isə yalnız iki-üç saatdan sonra birdən ayılardı ki, Başilov onu lağa qoyub, bu zaman sancmağa cavab axtarardı. Amma cavab vermək üçün də artıq gec olardı.

Kuzminin getməyinə bir gün qalmış Başilov arvadına çatdırmaq üçün ona bir məktub vermişdi. Bu zaman mayor ilk dəfə Başilovun üzündə çaşqın təbəssüm sezmişdi. Gecə isə Kuzmin Başilovun çarpayısında qurcalanıb burnunu çəkdiyini eşidirdi. “Bəlkə, elə də şit adam deyil, – mayor düşünmüşdü. – Bax, deyəsən, ağlayır. Deməli, sevir. Özü də çox sevir”.

Ertəsi gün Başilov Kuzminin yanından ayrılmamışdı. Ona uzun-uzadı baxmış, suqabı bağışlamışdı. Gedişinə az qalmış isə ikilikdə Başilovun gizlətdiyi bir şüşə şərabı içmişdilər.

– Niyə mənə elə baxırsınız? – Kuzmin soruşmuşdu.

– Yaxşı adamsınız, – Başilov cavab vermişdi. – Siz rəssam ola bilərdiniz, əziz mayor.

– Mən topoqrafam, – Kuzmin demişdi. – Belə baxanda elə topoqraf da rəssam kimidir.

– Niyə ki?

– Səfil olurlar.

– “Sürgün olunmuşlar, səfillər və şairlər, – Başilov istehza ilə dedi. – Kim bunlardan olmaq istəyibsə, heç nə bacarmayıb”.

– Bu kimin sözüdür?

– Voloşinin[3 - Maksimilian Aleksandroviç Voloşin (1877-1932) – rus şairi, mənzərəçi rəssamı, tərcüməçisi, ədəbi tənqidçisi]. Amma məsələ bunda deyil, mən sizə həsəd apardığım üçün baxıram. Vəssalam!

– Nəyə görə həsəd aparırsınız ki?

Başilov stəkanı diyirləndirib stula yayxanaraq gülümsəmişdi. Onlar hospitalın qurtaracağında həsir masanın ətrafında oturmuşdular. Bayırda külək cavan pöhrələri yırğalayır, yarpaqları xışıldadır, tozu ətrafa yayırdı. Çay tərəfdən şəhərin üzərinə qara buludlar gəlirdi.

– Nəyə görə həsəd aparıram? – Başilov təkrar soruşub qırmızı əlini mayorun əlinin üstünə qoymuşdu. – Hər şeyə, hətta sizin əlinizə də…

– Heç nə başa düşmədim, – deyə Kuzmin ehtiyatla əlini çəkmişdi. Başilovun soyuq əlinin təması ona xoş gəlməmişdi. Amma Başilov bunu duymasın deyə elə etmişdi ki, guya şüşəni götürüb şərab süzmək üçün əlini çəkib.

– Heç başa düşmək də lazım deyil, – Başilov əsəbi şəkildə cavab verərək susmuş, sonra baxışlarını yerə dikərək cavab vermişdi. – Kaş ki yerimizi dəyişə biləydik! Nə isə, bunların hamısı boş şeydir! İki gündən sonra Navolokidə olacaqsınız. Olqa Andreyevnanı görəcəksiniz. O sizin əlinizi sıxacaq. Bax buna görə də sizə həsəd aparıram. İndi, heç olmasa, başa düşdünüz?

– Belə deməyin! – karıxmış mayor cavab vermişdi. – Siz də arvadınızı tezliklə görəcəksiniz.

– O mənim arvadım deyil! – Başilov sərt şəkildə cavab vermişdi. – Yaxşı ki, “həyat yoldaşı” sözünü işlətmədiniz.

– Bağışlayın… – Kuzmin mızıldanmışdı.

– O mənim arvadım deyil! – Başilov bayaqkı kimi sərt şəkildə təkrarlamışdı. – O mənim hər şeyimdir! O mənim həyatımdır! Eh, nə isə… bu qədər kifayətdir.

O ayağa qalxıb Kuzminə əl uzatmışdı:

– Əlvida! Mənə qəzəbiniz tutmasın. Mən başqalarından heç də pis deyiləm.


***

Fayton torpaq bəndə qalxırdı. Getdikcə daha zülmət qaranlıq əmələ gəlmişdi. Qoca söyüd ağacı mürgülü kimi yırğalanır, yarpaqlarından yağış damlaları süzülürdü. At nalları ilə körpünün döşəməsini taqqıldadırdı.

“Doğrudan da, uzaqmış”, – fikirləşərək mayor ah çəkdi. Sonra üzünü faytonçuya tutub dedi:

– Sən məni evin yanında gözləyib limana geri apararsan.

– Olar, – faytonçu dərhal razılaşıb ürəyində düşündü: “Yox, əri deyil. Əri olsaydı, gecəni qalardı. Deməli, yad adammış…”

Çaydaşından salınmış küçə başlanırdı. Faytonun dəmir çarxları daş döşənmiş yolla silkələnə-silkələnə irəliləyirdi. Sürücü faytonu yol kənarına döndərdi. Çarxlar yaş torpaqda yüngülcə sürüşdü.

Kuzmin yenidən fikrə getdi. Bax Başilov ona həsəd aparırdı. Əlbəttə, burda həsəd aparılacaq heç nə yox idi. Sadəcə, Başilov lazımi söz işlədə bilməmişdi. Hospitalın pəncərəsi önündə Başilovla söhbətdən sonra, əksinə, Kuzmin ona paxıllıq etməyə başlamışdı. “Yenə də münasib söz olmadı”, – mayor dilxorcasına düşündü. Həsəd aparmırdı. Sadəcə, təəssüflənirdi. Ona görə ki artıq qırx yaşı vardı, amma heç vaxt Başilov kimi sevə bilməmişdi. Həmişə tənha olmuşdu.

“Gecədir… Yağış boş bağçaları döyəcləyir. Yad şəhər… Çəmənlər dumana qərq olub… Beləcə həyat keçib-gedir”, – nədənsə Kuzmin kədərlə düşünürdü.

Yenidən könlündən bu şəhərdə qalıb yaşamaq keçdi. Onun artırmasından çayətrafı çəmənlər, geniş yoxuşlar, bərədə daşınan ot arabaları görünən kiçik rus şəhərlərindən xoşu gəlirdi. Bu heyranlıq hissi onu təəccübləndirirdi. Özü cənubda, dənizçi ailəsində boya-başa çatmışdı. Tədqiqatlara, coğrafi xəritələrə, sərsəri həyata həvəs elə atasından ona keçmişdi. Elə buna görə də topoqraf olmuşdu. Bununla belə, seçdiyi bu sənəti təsadüfi hesab edirdi. Düşünürdü ki, başqa bir zəmanədə doğulsaydı, o, ovçu, ya da yeni torpaqlar kəşf edən səyyah olardı. Onun özü haqqında belə düşünməkdən xoşu gəlirdi, amma yanılırdı. Çünki xasiyyətində bu peşə sahiblərinə xas heç nə yox idi. Təbiətcə utancaq idi, ətrafdakılarla yumşaq davranırdı. Saçlarına düşmüş azacıq dən onun yaşını ələ versə də, arıq, bəstəboy olduğu üçün ona heç kim otuzdan yuxarı yaş verməzdi.

Fayton, nəhayət, qaranlıq şəhərciyə girdi. Yalnız bir evin – o da, ola bilsin ki, əczaxana olduğu üçün – şüşə qapılarının arxasında mavi lampa yanırdı. Küçənin sonu dağlara çıxırdı. Faytonçu endi ki, at üçün qalxmaq rahat olsun. Kuzmin də aşağı endi. O, faytondan bir az aralı gedərkən birdən öz həyatının qəribəliyini düşündü.

“Mən haradayam? Hansısa Navolokidə… gözdənuzaq bir yerdə. Atın nallarının altından qığılcım sıçrayır. Haradasa yaxınlıqda naməlum bir qadın var. Gecəykən ona çox vacib, bəlkə də, qəmli bir məktub çatdırmalıyam. Amma iki ay bundan qabaq cəbhədə – Polşadaydım. Geniş, sakit axan Visla[4 - Visla – Polşada ən böyük çay; bol sululuğuna görə Avropada Nevadan sonra ikinci çaydır. Visla çayının uzunluğu 1047 km-dir.] çayının sahillərində… Qəribədir! Həm də maraqlıdır…”

Dağ yolu qurtardı. Faytonçu yan küçəyə döndü. Buludlar dağılmışdı, qaranlıq səmada adda-budda ulduzlar parlayır, əksi gölməçələrdə bərq vuraraq sönürdü.

Fayton mezoninli[5 - Mezonin (ital. mezzanino – yarımmərtəbə, mərtəbəarası. Kökü yunan sözüdür; mezos – orta deməkdir) – 1) çardaq mərtəbəsi, qüllə otaq. Evin yuxarısında, bəzən də orta hissədə alçaqtavanlı, kiçik tikilidir, adətən, qarşısında balkon olur. Çox vaxt kvadrat, üçkünc formada tikilir. Bəzən otaq kimi deyil, binaya dekorativ görünüş vermək üçün düzəldilir; 2) teatrda yuxarı oturacaqlardakı ilk sıra.] bir evin yanında dayandı.

– Çatdıq! – faytonçu dedi. – Zəng doqqazın sağ tərəfindədir.

Kuzmin əlhavasına qapı zənginin taxta dəstəyini tapıb dartdı. Amma heç bir zəng səsi eşitmədi. Təkcə paslı məftilin cingiltisi eşidildi.

– Möhkəm dartın, – faytonçu məsləhət gördü.

Kuzmin bu dəfə zəngin dəstəyini daha möhkəm dartdı. Evin dərinliyində zəng səsi eşidildi. Amma evdə əvvəlki kimi sakitlik idi, görünür, zəng səsinə heç kim oyanmamışdı.

– O-ho! – faytonçu əsnədi. – Yağmurlu gecə ən şirin yuxu zamanıdır.

Kuzmin bir az da gözləyib zəngi yenidən çaldı. Taxta dəhlizdə addım səsləri eşidildi. Kimsə qapıya yaxınlaşıb dayandı, dinşəyib narazı halda soruşdu:

– Kimsiniz, nə lazımdır?

Mayor cavab vermək istəyirdi ki, faytonçu onu qabaqladı.

– Qapını aç, Marfa, – dedi. – Olqa Andreyevnanın yanına cəbhədən gələn var.

– Kim gəlib ki? – qapının arxasındakı səs yenidən kobud şəkildə dilləndi. – Biz heç kimi gözləmirik.

– Gözləmirdiniz, özü gəldi!

Qapı zəncirli olduğu üçün tam açılmadı. Kuzmin qaranlıqda kim olduğunu, gəlişinin səbəbini dedi.

– İlahi! – qadın səksəkəli şəkildə qapı arxasından qışqırdı. – Nə narahatçılıq?! İndicə qapını açaram. Olqa Andreyevna yatır. İçəri girin, mən indi onu oyadaram.

Qapı açıldı, Kuzmin qaranlıq dəhlizə keçdi.

– Burda pilləkən var, – qadın bu dəfə mülayim səslə xəbərdarlıq etdi. – Belə bir yağmurlu gecədə siz ərinməyib gəlmisiniz! Ehtiyatlı olun, ilişib əzilərsiniz. İndi lampanı yandıraram. Bizdə gecələr işığı kəsirlər.

Qadın getdi. Mayor isə dəhlizdə dayanıb gözləyirdi. Otaqlardan çay ətri və bir də nəsə şirin qoxu gəlirdi. Dəhlizə bir pişik çıxıb Kuzminin ayaqlarına dolaşaraq mırıldadı və qaranlıq otağa geri qayıtdı, sanki qonağı arxasınca içəri dəvət edirdi. Yarıaçıq qapıdan zəif işıq görünürdü.

– Buyurun, – qadın dedi.

Kuzmin içəri keçəndə qadın ona təzim etdi. Bu, hündür, qarabuğdayı qarı idi. Mayor səs salmamağa cəhd edərək ehtiyatla şinelini, papağını çıxardıb qapının yanındakı asılqandan asdı.

– Narahat olmayın, onsuz da Olqa Andreyevnanı oyatmalı olacağam, – qarı gülümsədi.

– Limandan gəmi siqnalı burda eşidilirmi? – Kuzmin narahatlıqla soruşdu.

– Eşidilir, oğlum. Yaxşı eşidilir. Gəmilərin ardı-arası kəsilmir. Bax burda, divanda əyləşin.

Qadın sözünü deyib getdi. Kuzmin taxta söykənəcəkli divanda əyləşdi. Bir az tərəddüd etdikdən sonra çəkmək üçün papiros çıxartdı. O həyəcanlanırdı və bu anlaşılmaz təlaş onu əsəbiləşdirirdi. Başqasının gecəykən evinə – sirr və müəmma dolu həyatına girərkən adamı bürüyən qəribə hiss onu da çulğalamışdı. Bu həyat stolun üstündə, hansısa altmış beşinci səhifəsində unudulub qalmış kitab kimidir. Bu səhifəyə baxırsan və nə barədə yazıldığını təxmin etməyə çalışırsan.

Stolun üstündə, həqiqətən də, açıq kitab var idi. Kuzmin qalxıb kitaba doğru əyildi. Qapı arxasındakı tələsik pıçıltılara və paltar xışıltısına qulaq verərək çoxdan unudulmuş sözləri ürəyində oxudu:

Mümkünsüz də mümkündür,
Uzaq yol asan olur,
Uzaqda parıldayır
Yaylıq altından ani baxış…

Kuzmin başını qaldırıb ətrafa göz gəzdirdi. Alçaqtavanlı, isti otaq onda yenidən bu şəhərdə qalmaq istəyini oyatdı.

Bu cür – yemək masasının üstündən ağ, tutqun abajurlu lampa asılmış, xəstə qızcığazın yatağı yanında dayanan köpək təsvirli divar rəsminin üstündən də maral buynuzu asılmış otaqlarda, adətən, xüsusi, sadə rahatlıq olur. Belə otaqlar insanın üzündə təbəssüm yaradır: burda hər şey köhnə dəbli, çoxdan unudulmuş kimidir. Ətrafdakı hər şey, hətta çəhrayı rəngli balıqqulağından olan külqabı da dinc, uzun ömürdən xəbər verirdi. Mayor yenidən burda qalıb köhnə evin digər sakinləri kimi tələsmədən, zəhmət və istirahətin, qış və baharın, yağmurlu və günəşli günlərin bir-birini əvəzləməsi ilə yaşamağın gözəlliyi haqqında düşündü.

Lakin köhnə əşyalarla yanaşı, otaqda başqa şeylər də vardı: masanın üzərində çəmən güllərindən – çobanyastığı, ballıca, yabanı göyrüş çiçəklərindən ibarət buket vardı. Çiçəklər, güman ki, təzəlikcə yığılmışdı. Süfrənin üstündə qayçı və kəsilmiş artıq yarpaqlar vardı. Yanında isə həmin açıq kitab – Blokun[6 - Aleksandr Blok (1880-1921) – görkəmli rus şairi; haqqında danışılan “Uzaq yol asan olur” kitabının adı isə 1908-ci ildə yazılmış “Rusiya” adlı şeirindəki misradan götürülüb.] “Uzaq yol asan olur” kitabı qoyulmuşdu. Bundan başqa, royalın üstündə kiçik, qara rəngli qadın şlyapası və mavi məxmər örtüklü şəkil albomu vardı. Şlyapa heç də qədimi deyildi, müasir dəbə uyğun idi. Həmçinin masanın üstünə səliqəsiz atılmış nikel bilərzikli qol saatı da gözə dəyirdi. Saatın səssiz irəliləyən əqrəbi ikinin yarısını göstərirdi. Bir də adama belə gecələrdə kədər aşılayan xəfif ətir qoxusu gəlirdi…

Pəncərənin bir tayı açıq qalmışdı. Bayırda – beqoniya çiçəyi[7 - Beqoniya çiçəyi – dekorativ dibçək gülü; çiçək Haitinin qubernatoru Mişel Beqonun (1638–1710) şərəfinə adlandırılıb. Belə ki, M.Beqon Haitiyə qubernator təyin olunduqdan sonra adanın turizm infrastrukturunu, eyni zamanda yerli əhalinin əkinçiliyə marağını artırmaq üçün burada bitən bütün bitki aləmini təsnifatlandıraraq kataloq yaradıb. Beqoniya çiçəyi isə botaniklərə məlum olmayan yeni bitki olduğu üçün onu kəşf edən qubernatorun şərəfinə adlandırılıb.] əkilmiş dibçəyin arxasında isə pəncərədən düşən zəif işığın altında yaş yasəmən kolları görünürdü. Qaranlıqda çisələyən yağışın “pıçıltıları” eşidilirdi. Sürətlə düşən damlalar dəmir novalçanı döyəcləyirdi.

Kuzmin damlaların səsinə qulaq verdi. Əsrlərlə insanlara ötüb-keçən hər dəqiqənin geri dönməzliyi barədə əzab verən fikri onun məhz indi – gecəykən, yad evdə ağlına gəlmişdi və bu evdən bir daha qayıtmamaq şərti ilə bir neçə dəqiqədən sonra çıxıb gedəcəkdi.

“Bu nədir, qocalıram yoxsa?” – deyə ürəyində düşünüb geri çevrildi. Otağın kandarında qara paltarlı gənc bir qadın dayanmışdı. Görünür, o, qonağın qabağına çıxmaq üçün tələsdiyindən saçını dağınıq yığmışdı. Hörüyünün biri sürüşüb çiyninə düşmüşdü. Gözünü mayordan çəkmədən utana-utana hörüyünü qaldırıb sancaqla boynunun arxasında bərkitdi. Kuzmin qadına təzim etdi.

– Bağışlayın, – deyə qadın əlini qonağa uzatdı. – Sizi bir az gözlətdim.

– Siz Olqa Andreyevna Başilovasınız?

– Bəli.

Kuzmin qadına nəzər saldı. Onun gəncliyi və gözlərinin dərin, azacıq dumanlı parıltısı mayoru heyran eləmişdi. Narahatlıq verdiyinə görə üzr istəyib kitelinin cibindən Başilovun məktubunu çıxararaq qadına verdi. O, məktubu alıb oxumadan royalın üstünə qoydu.

– Niyə ayaq üstə durmuşuq ki? – dedi. – Əyləşin. Bax bura, masaya yaxın oturun. Bura işıqlıdır.

Kuzmin masa arxasına keçib papiros çəkmək üçün icazə istədi.

– Çəkin, əlbəttə! – qadın dedi. – Deyəsən, mən də çəkməli olacağam.

Kuzmin ona papiros təklif edib kibrit alışdırdı. Bu zaman qadının üzünə kibritin işığı düşdü və hamar alınlı bu düzgün sifət Kuzminə nədənsə tanış gəldi.

Olqa Andreyevna mayorla üzbəüz oturmuşdu. Mayor sorğu-sual gözləyirdi, amma qadın dinməzcə əyləşib pəncərəyə – yağışın yeknəsəq səsinə qulaq verirdi.

– Marfuşa! – deyə qapıya tərəf çevrilib çağırdı. – Əzizim, samovarı qoy!

– Yox, lazım deyil, – Kuzmin təlaşla dilləndi. – Mən tələsirəm, faytonçu küçədə məni gözləyir. Mən sizə məktubu verib yoldaşınız haqqında bir-iki söz deyəcəkdim…

– Nə deyəcəkdiniz ki?! – deyə Olqa Andreyevna buketdən bir çobanyastığı çiçəyi çıxarıb rəhmsizcəsinə ləçəklərini dartışdırdı. – O, sağdır və mən buna şadam.

Kuzmin susdu.

– Tələsməyin, elə bilin ki, köhnə dostunuza baş çəkməyə gəlmisiniz, – qadın dedi. – Gəminin siqnalını eşidəcəyik. Gəmi, sözsüz ki, sübh çağından tez hərəkət etməyəcək.

– Elə niyə?

– Bizim tərəfdə, oğlum, çay aşağıda yerləşir, – Marfa qonşu otaqdan dilləndi. – Çaybasarda aşırım böyükdür. Gecəykən onu qalxmaq təhlükəli olduğundan kapitanlar sübhə qədər gözləməli olurlar.

– Düz deyir, – Olqa Andreyevna təsdiqlədi. – Şəhər bağı ilə kəsə getsək, limana cəmisi on beş dəqiqəlik yoldur. Mən sizi ötürərəm. Faytonçunu isə buraxın. Sizi kim gətirib? Vasili?

– Bax bunu bilmirəm, – Kuzmin gülümsədi.

– Yox, Timofey gətirib, – Marfa qapıdan xəbər verdi. Onun samovar lüləsi ilə necə əlləşdiyinin səsi gəlirdi. – Heç olmasa, çay için. Yoxsa olmadı ki, yağışdan gəlib təzədən yağmurla gedəsiniz…

Kuzminin razılaşmaqdan başqa çarəsi qalmadı. Doqqaza çıxıb faytonçunun pulunu verdi. Faytonçu dərhal getmədi, xeyli atın yan-yörəsinə keçib cilovunu düzəltdi. Kuzmin geri qayıdanda artıq süfrə açılmışdı. Qırağı qızılı haşiyəli qədimi, göy fincanlar düzülmüş, isti süd dolu kuzə, bal, bir də üstündən içilmiş şərab şüşəsi qoyulmuşdu. Marfa samovarı da gətirdi. Olqa Andreyevna kasıbyana süfrə üçün üzrxahlıq etdi. Dedi ki, Moskvaya geri qayıtmağa hazırlaşır, hələlik isə Navoloki şəhər kitabxanasında işləyir.

Kuzmin ha gözlədi ki, qadın əri haqqında bir söz soruşar, amma o heç bir söz soruşmadı. Kuzmin bu vəziyyətdən daha da karıxıb qalmışdı. O hələ hospitalda ikən anlamışdı ki, Başilovun arvadı ilə arası sərindir. İndi də qadının məktubu oxumadan royalın üstünə qoyması mayorun zənnini təsdiqləmişdi. Ona elə gəlirdi ki, Başilovun qarşısında borcunu yerinə yetirə bilməyib və buna görə özünü günahkar sayırdı.

“Yəqin ki, məktubu sonra oxuyacaq”, – deyə fikirləşirdi. Amma bir şey aydın idi: Başilovun belə böyük əhəmiyyət verdiyi bu məktub və Kuzminin onu gecə vaxtı yad evə gətirməsi artıq gərəksiz və anlamsız idi. Nəticə etibarilə Kuzmin Başilova kömək edə bilməmişdi. Sadəcə, özünü çətin vəziyyətdə qoymuşdu.

Olqa Andreyevna sanki onun nə düşündüyünü təxmin edib dedi:

– Siz əsəbiləşməyin. Poçt, teleqraf mövcud olduğu bir zamanda bilmirəm o niyə sizi çətinə salmaq fikrinə düşüb.

– Yox, nə çətinliyi olacaq ki! – Kuzmin tələsik cavab verdi və bir az susub əlavə etdi: – Əksinə, bu çox yaxşıdır.

– Nəyi yaxşıdır?

Kuzmin qızardı.

– Nəyi yaxşıdır ki? – qadın bu dəfə ucadan təkrarən soruşub gözünü mayora zillədi. O elə baxırdı ki, sanki Kuzminin nə düşündüyünü təxmin etmək istəyirdi. Azacıq qabağa əyilib ciddi şəkildə cavab gözləyirdi. Amma Kuzmin susurdu.

– Deyin də, bunun nəyi yaxşıdır? – o, yenidən soruşdu.

– Necə izah edim… – Kuzmin fikirləşə-fikirləşə cavab verdi. – Bu, xüsusi söhbətdir. Xoşladığımız nə varsa, nadir hallarda başımıza gəlir. Bilmirəm başqalarında necədir, mən özümə görə deyirəm. Həyatda yaxşı nə varsa, həmişə məndən yan ötüb. Başa düşürsünüz?

– O qədər də yox, – Olqa Andreyevna cavab verib üz-gözünü turşutdu.

– Necə başa salım… – özünə qəzəblənib dedi. – Yəqin ki, sizinlə də belə olub. Məsələn, qatarın pəncərəsindən baxanda birdən tozağacı meşəsinin arasında tala görürsünüz. Payızın qızılı çalarının hörümçək toru kimi təbiəti necə bürüdüyünün, günəşin altında necə bərq vurduğunun şahidi olursunuz və siz istəyirsiniz ki, qatardan düşüb bu talada qalasınız. Amma qatar ötüb-keçir. Pəncərəyə sıxılıb geriyə – ağaclıqlara, çəmənliklərə, kəndarası yollara baxır, anlaşılmaz səda eşidirsiniz. Bu nəyin səsidir, bilmirsiniz. Bəlkə, meşənin, ya havanın səsidir?! Yaxud teleqraf xətləri cingildəyir? Bəlkə də, üstündən qatar keçəndən sonra dəmir relslərin çıxardığı uğultudur… Bu, bir anlıq baş verir, amma ömür boyu yaddaşından silinmir.

Kuzmin susdu. Olqa Andreyevna şərab dolu qədəhi onun qabağına qoydu.

– Mən ömrümdə, – Kuzmin qızara-qızara davam elədi. O, həmişə özü haqqında danışanda qızarardı, – həmişə bu cür, gözlənilməz, eyni zamanda sadə məqamlar arzusunda olmuşam. Bunlarla rastlaşanda özümü xoşbəxt sanmışam. Az da olsa, baş verib.

– İndi də belədir? – Olqa Andreyevna soruşdu.

– Bəli!

Qadın gözlərini yerə dikdi.

– Niyə? – soruşdu.

– Dəqiq bilmirəm. Amma belə hiss edirəm. Mən Visla yaxınlığında yaralanmışdım, hospitalda yatırdım. Hamı məktub alırdı, məndən başqa… Sadəcə, mənə məktub yazacaq yaxınlarım yox idi. Uzanıb hamı kimi müharibədən sonrakı gələcəyimi düşünürdüm. Əlbəttə ki, xoşbəxt və qeyri-adi gələcək xəyal edirdim. Sonra sağaldım, məni məzuniyyətə yollamaq qərarı verdilər. Gedəcəyim şəhəri təyin etdilər.

– Hansı şəhəri? – Olqa Andreyevna soruşdu.

Kuzmin şəhərin adını dedi. Qadın dinmədi.

– Gəmiyə oturdum, – Kuzmin davam elədi. – Sahilyanı kəndlər, limanlar bir-birini əvəzlədi. Yalqızlığımı dərk elədim. Allah xatirinə, gileyləndiyimi fikirləşməyin. Tənhalığın da yaxşı tərəfləri var. Sonra Navoloki gəldi. Qorxurdum ki, yatıb qalaram. Gecənin bir aləmində göyərtəyə çıxıb düşündüm: nə qəribədir ki, bu nəhəng, bütün Rusiyanı örtmüş qaranlıqda, yağmurlu səmanın altında minlərlə müxtəlif insan sakitcə yatır. Sonra faytonla bu yolu gələrkən kimlə qarşılaşacağımı özlüyümdə təxmin edirdim.

– Hər halda, indi özünüzü nəylə xoşbəxt sanırsınız? – qadın soruşdu.

– Belə… – Kuzmin birdən ayılıb özünə gəldi. – Ümumiyyətlə, hər şey yaxşıdır.

Bunu deyib susdu.

– Nə oldu? Danışın da!..

– Nə haqda? Onsuz da çox danışdım. Lazımsız sözlər dedim.

– Həş şey haqqında, – Olqa Andreyevna cavab verdi. Sanki mayorun son sözlərini eşitmədi. – Nədən istəyirsiniz, – əlavə etdi. – Düzü, bir az qəribədir.

O qalxıb pəncərəyə yaxınlaşdı, pərdəni yana çəkdi. Yağış hələ kəsməmişdi.

– Qəribə olan nədir? – Kuzmin soruşdu.

– Bu yağış! – Olqa Andreyevna ona tərəf çevrildi. – Bizim bu görüşümüz, gecə söhbətimiz… Məgər bu, qəribə deyil?

Kuzmin çaşqın halda susurdu. Bayırda, rütubətli qaranlıqda gəminin siqnal səsi eşidildi.

– Hə, belə… – sanki qadın rahat nəfəs alıb dedi. – Bu da gəminin siqnalı!

Kuzmin ayağa qalxdı. Olqa Andreyevna isə hələ də tərpənmirdi.

– Dayanın, – o, sakitcə dedi. – Gəlin yolqabağı bir az da oturaq. Lap qədimlərdəki kimi…

Kuzmin yenidən əyləşdi. Olqa Andreyevna da oturdu, fikirli idi, hətta üzünü yana tutmuşdu. Kuzmin onun hündür çiyinlərinə, boynunda toplanmış qalın hörüklərinə, təmiz, zərif boynuna nəzər salıb fikirləşdi ki, əgər Başilov olmasaydı, bu şəhərdən heç yana getməz, məzuniyyətinin sonuna qədər burda qalar və yanındakı bu mehriban və hazırda kədərli olan qadının varlığının həyəcanını yaşayardı.

Olqa Andreyevna qalxdı. Kiçik arakəsmədə Kuzmin ona plaşını geyməyə kömək etdi. Qadın başına yaylıq da bağladı. Evdən çıxıb qaranlıq küçəylə sakitcə gedirdilər.

– Bir azdan dan yeri qızaracaq, – Olqa Andreyevna dedi.

Çayın üzərində tünd-mavi səma göyərirdi. Kuzmin fikir verdi ki, qadın titrəyir.

– Sizə soyuqdur? – o narahat oldu. – Nahaq məni ötürməyə gəldiniz. Özüm yolu tapardım.

– Yox, nahaq yerə deyil… – qadın qısaca cavab verdi.

Yağış artıq kəsmişdi, amma evlərin damlarından damcılar tökülüb taxta səkiləri döyəcləyirdi. Küçənin sonunda şəhər bağı yerləşirdi. Darvazası açıq idi. Hasardan o yana keçən kimi sıx ağaclı, baxımsız xiyaban başlayırdı. Bağdan sübh rütubətinin, yaş torpağın qoxusu gəlirdi. Bu, köhnə, hündür cökə ağacları olan bağ idi. Cökələr artıq çiçəklərini tökdüyündən zəif ətir saçırdı. Yalnız bircə dəfə külək əsdi və elə uğuldadı ki, elə bil başları üzərində iri damlalı, güclü leysan töküb dərhal da kəsdi.

Bağın sonunda, çay tərəfdə yarğan vardı. Yarğanın arxasında, uzaqlarda isə sübhqabağı yağmurlu səma, aşağıda mayakın işığının tutqun zolağı, duman və yay yağışının kədəri sezilirdi.

– Burdan necə enəcəyik? – Kuzmin soruşdu.

– Bura gəlin!

Olqa Andreyevna cığırdan birbaşa yarğana tərəf döndü və aşağı, qaranlığa aparan taxta pilləkənə yaxınlaşdı.

– Əlinizi verin! – qadın dedi. – Pillələrin çoxu palçıqlıdır.

Kuzmin əlini verdi və onlar ehtiyatla aşağı düşməyə başladılar. Pillələrin arasında bitmiş otlar yağışdan islanmışdı. Sonuncu pillədə onlar dayandılar. Artıq liman, eləcə də gəminin yaşıl və qırmızı işıqları görünürdü. Gəminin buxarı guruldayırdı.

Kuzminin ürəyi sıxılırdı: ona yad və eyni zamanda bu qədər yaxın olan qadından indicə ayrılacaq, ona heç bir söz deməyəcəkdi… Hətta rastına çıxdığına və nəm əlcəkli balaca, möhkəm əlini ona uzatdığına, köhnə pilləkənlərlə ehtiyatla düşürtdüyünə görə təşəkkür də edə bilməyəcəkdi. Az əvvəl pilləkəni endikcə məhəccərə qarışmış yaş budaqlar mayorun üzünə dəyib cıza bilərdi, buna görə də qadın hər pillədə “Başınızı əyin” deyə ona xəbərdarlıq edirdi. Kuzmin də itaətlə onun dediyinə əməl edirdi.

– Burda vidalaşaq, – Olqa Andreyevna dedi. – Burdan o yana getməyəcəyəm.

Kuzmin ona nəzər saldı. Yaylığın altından ona təlaşlı, ciddi gözlər baxırdı. Doğrudanmı, indi, elə bu dəqiqə hər şey keçmişdə qalacaq və hər ikisinin həyatında üzücü bir xatirə kimi iz qoyacaqdı?!

Olqa Andreyevna Kuzminə əl uzatdı. Kuzmin onun əlini öpdü və o an ilk dəfə otaqda, yağışın səsi altında duyduğu həmin zərif ətir yenidən burnuna dəydi. Başını qaldıranda Olqa Andreyevna nəsə dedi, amma səsi elə zəif çıxdı ki, Kuzmin eşidə bilmədi. Ona elə gəldi ki, qadın yalnız bircə kəlmə: “Əbəs yerə”, – dedi. Bəlkə, başqa sözlər də demişdi, amma çay tərəfdən gəminin yağmurlu sübh çağından, yağış, duman demədən sərsəri həyatından gileylənən “qəzəbli” səsi eşidildiyinə görə heç nə anlaya bilməmişdi.

Kuzmin geriyə – sahilə baxmadan həsir və qatran iyi verən limandan keçərək qaçıb gəmiyə girdi. Dərhal da boş göyərtəyə qalxdı. Gəmi artıq yola düşməyə hazırlaşırdı, çarxlar yavaş-yavaş hərəkətə gəlirdi. Mayor gəminin arxasına keçib yarğana, taxta pilləkənə sarı boylandı: Olqa Andreyevna hələ də orda idi. Dan yeri təzəcə sökülmüşdü və qadını sezmək çətin idi. Kuzmin ona əl eləsə də, Olqa Andreyevna cavab vermədi.

Gəmi isə uzaqlara doğru üzməyə davam edir, qumlu sahillərə uzun, hündür dalğaları qovurdu. Sahilboyu bitmiş söyüdlüklər isə gəmi çarxlarının zərbələrinə tələsik uğultuyla cavab verirdi.




TELEQRAM


Oktyabr ayı həmişəkindən daha soyuq, daha yağışlı idi. Ensiz taxtalarla örtülmüş dam qapqara qaralmışdı. Bağçadakı saralmış otlar tamam yaprıxmışdı, çəpərin dibindəki balaca bir günəbaxan heç cür boy ata, çiçək aça, ləçəklərini tökə bilmirdi.

Çayın arxasından gələn buludlar tarlaların başı üstündə sürünür, havada uçuşan ağsöyüd xəzəllərinə qarışırdı. Buludlardan adamı bezdirən yağış səpələnirdi.

Yollar elə hala düşmüşdü ki, onların üstü ilə nə piyada, nə də araba ilə getmək olurdu. Hətta çobanlar da sürülərini daha çəmənliklərə aparmırdılar. Çoban tütəyi yazadək susmuşdu.

Katerina Petrovna üçün səhərlər yerindən qalxmaq və eyni şeyləri – yandırılmayan sobaların acı qoxusunu canında saxlamış otaqları, “Avropa carçısı” jurnalının[8 - “Avropa carçısı” jurnalı – Rusiyada 1802-1918-ci illər arasında əvvəlcə rüblük, sonra isə aylıq çıxan ədəbi, siyasi jurnal] tozlanmış nüsxəsini, masanın üstündəki saralmış fincanları, lap çoxdan təmizlənməyən samovarı və divardan asılmış portretləri – görmək çətin olurdu. Bəlkə də, otaqlar çox qaranlıq idi, üstəlik, Katerina Petrovnanın gözünə mirvari suyu gəlmişdi, bəlkə də, portretlər zaman keçdikcə qaralmışdı, onların üzərində nə təsvir olunduğunu ayırd etmək çətin idi. Katerina Petrovna, sadəcə, yadında saxlamışdı ki, biri onun atasının portretidir, balaca, qızılı çərçivəli isə Kramskoyun[9 - İvan Nikolayeviç Kramskoy (1837-1887) – rus rəssamı, tənqidçisi; əsasən, tarixi mövzularda rəsmlər və portretlər çəkib.] hədiyyəsi – onun “Naməlum qadın” əsərinin eskizi idi. Katerina Petrovna məşhur rəssam olmuş atasının vaxtilə tikdiyi evdə öz ömrünü başa vururdu. Atası ahıl yaşında Peterburqdan doğma kəndinə qayıdıb sakit həyat tərzi sürmüş və öz bağında təsərrüfatla məşğul olmuşdu. Görmə qabiliyyəti zəifləyən, gözləri tez-tez ağrıyan və əlləri əsən rəssam daha rəsm çəkə bilməmişdi.

Katerina Petrovnanın “memorial” adlandırdığı bu ev vilayət muzeyinin mühafizəsi altında idi. Lakin evin sonuncu sakini Katerina Petrovnanın, yəni özünün, ölümündən sonra bu evin aqibətinin necə olacağını bilmirdi. Kənddə isə – kənd Zaborye adlanırdı – rəsmlər, Peterburq həyatı, Katerina Petrovnanın atası ilə birlikdə Parisdə keçirdiyi o yay və Viktor Hüqonun dəfn mərasimini görməsi haqqında danışmaq üçün bir nəfər də yox idi.

Bu haqda hər gün gəlib quyudan su daşıyan, döşəməni süpürən, samovarı odun üstünə qoyan kolxoz pinəçisinin qızı Manyuşka ilə də danışmaq mümkün deyildi.

Katerina Petrovna Manyuşkanın zəhmətinin əvəzi olaraq ona büzüşmüş əlcəklər, dəvəquşu lələkləri, muncuqlarla bəzənmiş qara şlyapa hədiyyə edirdi.

– Bunlar mənim nəyimə lazımdır ki? – Manyuşka xırıltılı səslə soruşur və burnunu çəkirdi. – Mən köhnə-külə yığanam, bəyəm?

– Əzizim, sən sat onları, – Katerina Petrovna pıçıldayırdı. Artıq bir il idi ki, o, tamam əldən düşmüşdü və daha yüksək səslə danışa bilmirdi. – Sat onları.

– Tullantı sexinə təhvil verərəm, – Manyuşka qərara alaraq hədiyyələri götürür və çıxıb gedirdi.

Arabir yanğınsöndürmə məntəqəsinin keşikçisi – arıq, kürən Tixon gəlirdi. Katerina Petrovnanın atasının Peterburqdan gəlməsi, ev-eşik tikməsi onun hələ də yadında idi.

Tixon həmin vaxt balaca uşaq idi, amma rəssama bəslədiyi hörmət hissini ömürlük qoruyub saxlamışdı. O, rəssamın əsərlərinə baxıb dərin ah çəkərək deyirdi:

– Çox təbii alınıb!

Tixon çox vaxt qadına ürəyi ağrıdığı üçün iş görürdü: bağdakı qurumuş ağacları kəsir, onları mişarlayır və odun doğrayırdı. Hər dəfə də gedərkən qapının ağzında ayaq saxlayır və soruşurdu:

– Katerina Petrovna, Nastyadan xəbər varmı? Bir şey yazıb?

Beli bükülmüş, kiçilmiş Katerina Petrovna divanda oturub susur və narıncı rəngli dəri çantadakı hansısa kağızları gözdən keçirirdi. Tixon qapıda dayanıb xeyli gözünü döyür, burnunu silirdi.

– Yaxşı, – o heç bir cavab almayıb dillənirdi, – mən daha gedim, Katerina Petrovna.

– Get, Tişa, – Katerina Petrovna pıçıldayırdı. – Get, Allah köməyin olsun!

O, qapını ehtiyatla bağlayıb gedirdi, Katerina Petrovna isə sakitcə ağlamağa başlayırdı. Külək pəncərənin arxasında, çılpaq budaqların arasında əsib uğuldayır, son yarpaqları yerə tökürdü. Masanın üstündəki ağ neftlə işləyən gecə lampasının işığı titrəyirdi. Adama elə gəlirdi ki, o bu atılmış evdə yeganə canlı varlıqdır, bu zəif işıq olmasaydı, Katerina Petrovna səhərə necə çıxacağını heç bilməzdi də.

Gecələr yuxusuzluq kimi uzun və ağır olurdu. Səhər isə sanki tənbəllik edir, gec açılır və çirkli pəncərələrdən içəriyə könülsüz halda sızırdı. Arasına pambıq vurulmuş pəncərə çərçivəsinin üstündə isə hələ keçən ildən qalmış, əvvəllər sarı rəngdə olmuş, indi isə qaralmış yarpaqlar görünürdü.

Katerina Petrovnanın qızı və yeganə doğması olan Nastya uzaqda – Leninqradda yaşayırdı. O, buraya son dəfə üç il əvvəl gəlmişdi.

Katerina Petrovna bilirdi ki, Nastyanın onu düşünməyə vaxtı yoxdur. Onların – cavanların öz işləri, öz anlaşılmaz maraqları, öz xoşbəxtlikləri vardı. Ən yaxşısı mane olmamaq idi. Ona görə də Katerina Petrovna Nastyaya nadir hallarda yazırdı, ancaq köhnəlib yıpranmış divanın kənarında oturub qızı haqqında elə sakitcə düşünürdü ki, hətta otaqdakı səssizliyə aldanmış siçan sobanın arxasından çıxır, arxa ayaqları üstə dayanır və burnunu tərpədə-tərpədə uzun müddət otağın havasını iyləyirdi.

Nastyadan da məktub gəlmirdi, ancaq hər iki-üç aydan bir Vasili adlı gənc, şən poçt işçisi Katerina Petrovna üçün iki yüz rubl miqdarında pul köçürməsi gətirirdi. Katerina Petrovna kağıza imza qoyarkən o, qarının qolundan ehtiyatla tuturdu ki, birdən səhv yerə qol çəkməsin.

Vasili çıxıb gedirdi, Katerina Petrovna isə çaşqın halda əlindəki pulla oturub qalırdı. Sonra o, eynəyini taxır və köçürmə vərəqlərinin üstündəki bir neçə sözü oxuyurdu. Sözlər, elə həmişə olduğu kimi eyni idi: “İş o qədər çoxdur ki, nəinki oralara gəlib çıxmaq, hətta düz-əməlli bir məktub da yazmağa vaxt yoxdur”.

Katerina Petrovna kağız pulların otərəf-butərəfinə ehmalca baxırdı. O, qocalıqdan tamam unutmuşdu ki, bu pullar Nastyanın əlinə dəymiş məhz həmin əsginaslar deyildi, buna görə də ona elə gəlirdi ki, pullardan Nastyanın ətrinin qoxusu gəlir.

Bir dəfə oktyabrın sonlarında, gecə vaxtı kimsə bağın lap qurtaracağındakı, illər öncə mismarlanmış qapını durmadan döyəcləməyə başladı.

Katerina Petrovna təşviş içində bir xeyli müddət başını qalın yaylıqla bağlamaqla məşğul olub sonra köhnə paltosunu geyindi və bu ildə ilk dəfə eşiyə çıxdı. O, aramla, ətrafını yoxlaya-yoxlaya yeriyirdi. Soyuq havadan başı ağrımağa başladı. Unudulmuş ulduzlar gözlərini yerə dikmişdi. Xəzan yeriməyə mane olurdu.

Çəpərin qapısına çatdıqda Katerina Petrovna sakitcə soruşdu:

– Qapını döyən kimdir?

Ancaq çəpərin o tərəfindən cavab gəlmədi:

– Yəqin, qulağıma səs gəlib, – deyə Katerina Petrovna yenidən geriyə – evə sarı üz tutdu.

Onu boğulma tutdu, qoca bir ağacın yanında dayanıb soyuq, yaş budaqdan yapışdı və onu tanıdı: bu, ağcaqayın idi. O bu ağacı lap çoxdan – hələ üzügülər gənc qız ikən əkmişdi. İndi isə o, yarpaqları tökülmüş, soyuqdan büzüşmüş halda dayanmışdı və onun evsiz-eşiksiz, küləkli gecədən qurtulmaq üçün gedəcək yeri yox idi.

Katerina Petrovnanın ağaca ürəyi yandı, onun kələ-kötür gövdəsinə toxundu. Evə birtəhər gedib çıxdı və elə həmin gecə Nastyaya məktub yazdı:

“Əziz balam, mən bu qışa sağ çıxmayacağam. Heç olmasa, bircə günlük gəl. Qoy üzünə baxa, əllərini ovuclarımda tuta bilim. Qocalmışam artıq və o qədər zəifləmişəm ki, nəinki yerimək, hətta oturmaq və uzanmaq da mənə əziyyət verir. Ölüm mənim yolumu unudub. Bağ solub əldən gedir, daha əvvəlki deyil, heç mən onu görə də bilmirəm. Payız yaman sərt keçir. Elə ağırdır ki… Bütün həyat sanki bu bircə payız qədər uzun olmayıb”.

Manyuşa burnunu çəkə-çəkə məktubu poçt idarəsinə aparıb onu poçt qutusuna sala-sala uzun müddət qutunun içərisinə maraqla baxdı. Ancaq qutunun içərisində heç nə yox idi, olan yalnız dəmir boşluq idi.

Nastya Rəssamlar İttifaqında katibə işləyirdi. İş bitmək bilmirdi. Sərgilərin, müsabiqələrin təşkili – bunların hamısı gəlib onun əlindən keçirdi.

Katerina Petrovnanın məktubunu Nastya işdə ikən aldı. Onu oxumadan çantasında gizlətdi. Qərara almışdı ki, işdən sonra oxusun. Katerina Petrovnanın məktubları Nastyaya rahatlıq gətirirdi: yazırsa, demək, sağdır. Amma bununla belə, içində küt narahatlıq baş qaldırırdı, sanki anasının hər bir məktubu səssiz bir məzəmmət idi.

İşdən sonra Nastya gənc heykəltəraş Timofeyevin iş otağına gedib onun şəraitini yoxlamalı və bu haqda ittifaqın idarə heyətinə məlumat verməliydi. Timofeyev iş otağının soyuq olmasından, bir də sıxışdırıldığından, irəli getməsinə imkan verilmədiyindən şikayətçi idi.

Mərtəbələrdən birində Nastya balaca bir güzgü çıxarıb üzünü pudraladı və gülümsündü – indi o özünün xoşuna gəlirdi. Rəssamlar onu sarışın saçları və iri soyuq gözlərinə görə Solveyq[10 - Solveyq – Norveç dramaturqu, şairi, publisisti Henrik Yohan İbsenin (1828-1906) “Per Günt” poemasının qadın qəhrəmanı] adlandırırdılar.

Qapını balacaboy, qətiyyətli, hirsli bir adam olan Timofeyevin özü açdı. O, paltoda idi. Boğazını qalın şərflə dolamışdı, ayağındakı qadın uzunboğaz çəkmələri Nastyanın gözündən qaçmadı.

– Soyunmayın, – Timofeyev dilləndi. – Donarsınız. Buyurun içəri!

O, Nastyanı qaranlıq dəhlizlə aparıb bir neçə pilləni qalxdı və emalatxanasına açılan qapını yüngülcə itələdi.

Otaqdan tüstü qoxusu gəlirdi. Yerə qoyulmuş yaş gillə dolu çəlləyin yanında pilətə yanırdı. Dəzgahların üstündə nəm əsgilərlə örtülmüş heykəllər qoyulmuşdu. Enli pəncərənin arxasında qar əyri xətt cızaraq yağır, Nevanın üstünü duman kimi bürüyür, onun tünd sularında əriyib yoxa çıxırdı. Külək pəncərə çərçivələri arasında vıyıldayır və döşəməyə sərilmiş köhnə qəzetləri xışıldadırdı.

– Aman Tanrım, necə soyuqdur! – Nastya dedi və ona elə gəldi ki, divarlar boyunca səliqəsiz halda asılmış ağ mərmər barelyeflər iş otağını daha da buza döndərir.

– Özünüz görürsünüz də! – Timofeyev gilə bulaşmış kətili Nastya üçün irəli çəkərək dedi: – Başa düşmürəm, necə olub ki, mən bu dərədə gəbərməmişəm. Perşinin iş otağında isə isitmə sistemi elə isti vurur ki, elə bil Sahara səhrasındasan.

– Perşin xoşunuza gəlmir? – Nastya ehtiyatla soruşdu.

– Görməmişin biridir! – Timofeyev acıqla dedi. – Adi usta! Onun fiqurlarının çiyinləri palto asılqanıdır. “Kolxozçu qadın” heykəli önlüyünün ətəyini yığmış daş arvaddır. Fəhləsi elə bil neandertal insandır. Heykəllərini taxta bellə düzəldir. Ancaq hiyləgərdir, əzizim, yaman hiyləgərdir!

– Mənə Qoqolun heykəlini göstərin, – Nastya söhbəti dəyişmək üçün xahiş etdi.

– O yana keçin! – heykəltəraş qaşqabaqla dilləndi. – Ora yox! Bax o küncə. Hə!

O, fiqurlardan birinin üstündəki nəm əsgiləri götürdü, heykəli sınayıcı baxışlarla hərtərəfli gözdən keçirdi, sonra pilətənin yanına çömbəlib əllərini isidə-isidə dedi:

– Budur, Nikolay Vasilyeviç! Buyurun!

Nastyanın bütün vücudundan üşütmə keçdi. Onun ən gizlin tərəflərini belə bilən itiburun, beli bükük adam məsxərə dolu baxışlarını ona yönəltmişdi. Nastya sanki onun gicgahındakı nazik damarın necə döyündüyünü də görə bilirdi.

“Məktubunsa çantanda eləcə açılmamış vəziyyətdə qalıb ha! – sanki Qoqolun adamı dəlib keçən baxışları deyirdi. – Ay səni, ağılsız qız!”

– Necədir? – Timofeyev soruşdu – Ciddi əmidir, hə?

– Möhtəşəmdir! – Nastyanın səsi güclə çıxırdı. – Bu, həqiqətən də, möhtəşəmdir!

Timofeyev acı-acı güldü.

– Möhtəşəm, – deyə o təkrar etdi. – Hamı deyir: möhtəşəmdir. Perşin də, Matyaş da, müxtəlif komitələrdən gələn cürbəcür peşəkarlar da. Faydası nədir? Burada – möhtəşəmdir, mənim bir heykəltəraş olaraq taleyimin həll olunduğu o yerdə isə elə həmin Perşin bircə dəfə qeyri-müəyyən şəkildə qımıldandımı – hazırdır! Perşin qımıldandısa, demək, işin bitdi!.. Gecələri yatmırsan! – Timofeyev bağırdı və çəkmələrini tappıldada-tappıldada iş otağında var-gəl etdi. – Yaş gilin ucbatından əlimdə revmatizm var. Üç il Qoqol haqqında yazılmış hər sözü dayanmadan oxuyursan. Yuxuna donuzun üz-gözü girir!

Timofeyev masanın üstündən bir yığın kitabı qaldırıb onları havada silkələdi və zərblə geri çırpdı. Masanın üstündən gipsin tozu qalxdı.

– Bunların hamısı Qoqol haqqındadır! – o dedi və birdən-birə sakitləşdi. – Nədir? Deyəsən, qorxutdum axı sizi. Bağışlayın, əzizim, ancaq, vallah, mən dalaşmağa da hazıram.

– Nə olar ki! Birlikdə dalaşarıq, – Nastya dedi və ayağa qalxdı.

Timofeyev onun əlini bərk sıxdı və Nastya oranı bu istedadlı şəxsi naməlumluğun pəncəsindən qoparmaq haqqında qəti fikirlə tərk etdi.

Nastya Rəssamlar İttifaqına qayıtdı, sədrin yanına keçdi və onunla xeyli danışaraq özündən çıxa-çıxa sübut etdi ki, Timofeyevin işlərinin sərgisini vaxt itirmədən təşkil etmək lazımdır. Sədr masasını qələmlə taqqıldadıb bir xeyli götür-qoy etdikdən sonra, nəhayət, razılığını verdi.

Nastya tavanı qızılı rəngə boyanmış, Moykada[11 - Moyka – hazırkı Sankt-Peterburqda çay; Neva çayının bir qoludur. Uzunluğu 4,6 km, eni 40 m-dir. Moykanın hər iki sahili boyunca şəhərin ən qədim binaları yerləşir.] yerləşən yaşadığı qədim evə qayıtdı və yalnız orada Katerina Petrovnanın məktubunu oxudu.

– Hara gedim axı indi?! – deyib yerindən qalxdı. – Bu qədər işin içində buradan çıxmaqmı olar?!

O, içi dolub-daşan vaqonlar, sonra oradan enib ensiz dəmiryol xətti ilə hərəkət edən qatara minmək, silkələnən araba, qurumuş bağ-bağça, anasının qaçılmaz göz yaşları, kənd həyatının ağır keçən, maraqsız günləri barədə düşündü və məktubu yazı masasının gözünə qoydu.

Düz iki həftə boyunca Nastya Timofeyevin sərgisinin təşkili ilə məşğul oldu.

Bu müddət ərzində o, bir neçə dəfə tərs heykəltəraşla küsüb-barışmışdı. Timofeyev öz işlərini sərgiyə elə göndərirdi ki, elə bil onları məhv olmağa məruz qoyurdu.

– Heç bir şey alınmayacaq, əzizim, – o, Nastyaya bu sözləri elə bədxahlıqla deyirdi ki, sanki Nastya onun deyil, öz sərgisini təşkil edirdi. – Vaxtımı boşuna sərf edirəm, düz sözümdür.

Nastya əvvəl ümidlərini itirir və inciyirdi, amma sonra başa düşdü ki, bütün bu nazlanmalar qəlb qırıqlığından irəli gəlir və əslində, Timofeyev ürəyinin dərinliyində bu sərgiyə çox sevinir.

Sərgi axşamçağı açıldı. Timofeyev əsəbiləşir və heykəllərə elektrik işığı altında baxmağın mümkün olmadığını deyirdi.

– Ölü işıq! – o deyinirdi. – Öldürücü mənasızlıq! Hətta kerosinlə işləyən fənərin işığı da bundan daha yaxşıdır.

– Axı sizə necə işıq lazımdır, ay hər şeydən narazı insan?! – Nastya özündən çıxdı.

– Şamlar lazımdır! Şamlar! – Timofeyev əzab içində çığırdı. – Axı Qoqolu elektrik lampasının altına necə qoymaq olar?! Absurddur!

Açılışda heykəltəraşlar, rəssamlar vardı. Bu işlərdən xəbərsiz biri heykəltəraşların söhbətlərini eşitdikdə, ola bilsin, onların Timofeyevin işlərini tənqid, yoxsa tərif etdiyini anlamazdı. Ancaq Timofeyev yaxşı başa düşürdü ki, sərgi uğurlu alınıb.

Saçı ağarmış, özündən tez çıxan bir rəssam Nastyaya yaxınlaşdı və onun əlini yoldaşcasına şappıldatdı:

– Sizə minnətdaram. Eşitmişəm ki, Timofeyevi gün işığına çıxaran sizsiniz. Əla iş görmüsünüz. Yoxsa bizdə, bilirsinizmi, rəssama diqqət, qayğı haqqında danışan çox olsa da, söhbət gəlib işin üstünə çıxanda heç nə ifadə etməyən, bomboş gözlərlə qarşılaşırsan. Sizə bir daha təşəkkür edirəm!

Müzakirələr başlandı. Hər kəs çox danışır, tərifləyir, özündən çıxır və qocaman rəssam tərəfindən deyilmiş – layiq olmadığı halda unudulmuş gənc heykəltəraşa diqqətin göstərilməsi fikri bütün nitqlərdə təkrarlanırdı.

Timofeyev qaşqabağını sallayıb oturmuş, gözlərini parketə dikmişdi, amma yenə də çıxış edənlərə arabir gözünün ucu ilə baxır və heç cür qərar verə bilmirdi ki, onlara artıq inansın, ya yox.

Qapıda ittifaqın mehriban və əfəl kuryeri Daşa göründü. O, Nastyaya göz-qaş edirdi. Nastya ona yaxınlaşdı və Daşa teleqramı ona gülümsəyərək uzatdı.

Nastya öz yerinə qayıtdı və ətrafdakılara hiss etdirmədən teleqramı açıb oxudu, lakin heç nə başa düşmədi:

“Katya ölür. Tixon”.

“Hansı Katya? – Nastya çaşqın halda düşündü. – Hansı Tixon? Ola bilsin, bu teleqram başqa birinə göndərilib”.

O, ünvana nəzər saldı: yox, teleqram elə ona ünvanlanmışdı. Elə həmin andaca onun gözü kağız lentin üzərindəki incə çap hərfləri ilə yazılmış “Zaborye” sözünə sataşdı.

Nastya teleqramı ovcunun içində əzib qaşqabağını tökdü.

Perşin çıxış edirdi:

– Bizim zəmanəmizdə, – o, yerindəcə yırğalana-yırğalana və bir əli ilə eynəyini tutaraq deyirdi, – insana göstərilən qayğı bizə irəli getməyə və işləməyə kömək edən gözəl bir reallığa çevrilmişdir. Mən yoldaş Timofeyevin sərgisindən bəhs edirəm. Bu sərgiyə görə biz ancaq və ancaq – qoy sözüm rəhbərliyin xətrinə dəyməsin – ittifaqın sıravi işçilərindən biri, hamımızın sevimlisi – Anastasiya Semyonovnaya borcluyuq.

Perşin Nastyaya təzim etdi və hamı əl çaldı. Alqışlar xeyli sürdü. Utandığından Nastyanın da gözü yaşardı.

Arxada oturanlardan biri onun qoluna toxundu. Bu, yaşlı, özündən tez çıxan həmin rəssam idi.

– Nə olub? – o, pıçıltıyla soruşdu və gözləri ilə Nastyanın əlindəki əzilmiş teleqrama işarə etdi. – Pis bir şey olmayıb ki?

– Xeyr, – Nastya cavab verdi. – Bu, elə-belə… Bir tanışdandır…

– Aha! – deyə qoca dilləndi və Perşinə qulaq asmağa davam etdi.

Hamı Perşinə baxırdı, ancaq kiminsə ağır və dəlib keçən nəzərləri ona dikilmişdi. Nastya bu nəzərləri öz üzərində hiss edir və başını qaldırmağa qorxurdu. “Görəsən, bu, kim ola bilər? – o öz-özünə düşünürdü. – Yəni kimsə başa düşüb? Axmaqlıqdır. Əsəblərim pozulub”.

O, gözlərini güclə qaldırdı və tez də aşağı saldı. Qoqol ona kinayə ilə baxırdı. Gicgahındakı damarı sanki ağır-ağır döyünürdü. Nastyaya elə gəldi ki, Qoqol qıcanmış dişləri arasından sakitcə dedi: “Eh, səni!”

Nastya cəld ayağa qalxıb sərgi zalından çıxdı, aşağıda tez-tələsik geyindi və qaçaraq küçəyə çıxdı.

Sulu qar yağırdı. İsaaki kilsəsinin üzərində bozumtul qırov görünürdü. Qaşqabaqlı səma daha da aşağı – şəhərin, Nastyanın, Nevanın üzərinə çökürdü.

“Əziz balam, – Nastya bir müddət əvvəl aldığı məktubu xatırladı. – Əzizim!..”

Nastya Admirallıq binasının yanındakı meydanın skamyalarından birinə əyləşdi və acı-acı ağladı. Qar onun üzündə əriyir, göz yaşlarına qarışırdı.

Nastyanın canından üşütmə keçdi və o, qəfildən anladı ki, onu heç kəs maraqsız Zaboryedəki əldən düşmüş, hamı tərəfindən tərk edilmiş o qoca qarı qədər sevməyib.

“Artıq gecdir! Daha anamı görə bilməyəcəyəm”, – o düşündü və xatırladı ki, son bir ildə bu xoş “ana” sözünü birinci dəfədir deyir.

O, yerindən dik atıldı və üzünü döyəcləyən qara qarşı getdi.

“Nə baş verdi, ana? Nə? – o özlüyündə düşünür, gözü isə heç nə görmürdü. – Ana! Axı necə oldu ki, işlər bu yerə gəldi? Axı mənim bu həyatda səndən başqa heç kəsim yoxdur. Səndən daha doğma heç kəsim də olmayacaq. Təki yetişə biləydim, təki məni görəydi, keçəydi günahımdan”.

Nastya Neva prospektindəki şəhər dəmir yolu vağzalına gəldi. O gecikmişdi. Bilet qalmamışdı.

Nastya kassanın yanında dayanmışdı, dodaqları əsirdi, danışa bilmirdi, hiss edirdi ki, elə ağzını açıb ilk sözü deyən kimi hönkür-hönkür ağlayacaq.

Ortayaşlı, eynəkli kassir qadın başını pəncərədən çıxardı.

– Nə olub sizə, vətəndaş? – o, narazı halda soruşdu.

– Heç nə, – Nastya cavab verdi. – Anam…

Nastya çevrilib iti addımlarla çıxışa doğru yönəldi.

– Hara belə? – kassir onun arxasınca səsləndi. – Gərək elə o dəqiqə deyəydiniz. Bircə dəqiqə səbir edin.

Elə həmin axşam Nastya yola düşdü. Bütün yol boyunca ona elə gəlirdi ki, qatar güclə gedir. Halbuki qatar yatmış meşənin içindən sürətlə şütüyür, ağacları tüstüyə qərq edir və uzun, xəbərdaredici çığırtısı hər tərəfə yayılırdı.

…Tixon poçt idarəsinə gəldi, poçt işçisi Vasili ilə nə isə pıçıldaşdı, ondan telefon blankı alıb oyan-buyanına baxdı, köynəyinin qolu ilə bığlarını silə-silə blankı öz əyri-üyrü hərfləri ilə xeyli vaxt sərf edərək doldurdu. Sonra blankı ehtiyatla qatladı, papağının altına qoydu və Katerina Petrovnanın evinə sarı yola düzəldi.

Katerina Petrovna artıq onuncu gün idi ki, yerindən qalxmırdı. Heç yeri ağrımırdı, ancaq huşunu itirməsinə vadar edən zəiflik onun sinəsi, başı, ayaqlarını basır və nəfəs almasını çətinləşdirirdi.

Manyuşa artıq altıncı gün idi ki, Katerina Petrovnanın yanından əl çəkmirdi. Gecələr paltarlarını çıxarmadan köhnə divanın üstündə yatırdı. Arabir Manyuşkaya elə gəlirdi ki, Katerina Petrovna daha nəfəs almır. Belə olanda o, qorxudan zarımağa və qarının sağ olduğunu yoxlamaq üçün çağırmağa başlayırdı.

Katerina Petrovna yorğanın altındakı əlini tərpədirdi və Manyuşa sakitləşirdi.

Otağın hər küncünə ta səhərdən bəri noyabr alaqaranlığı çökürdü, amma içəri isti olurdu. Manyuşka sobanı yandırırdı. Şən alov dilləri taxta divarları işıqlandırdıqca Katerina Petrovna ehtiyatla ah çəkirdi – alov otağı lap çoxdan, Nastyanın vaxtında olduğu kimi rahat, sevimli edirdi. Katerina Petrovna gözlərini yumurdu və onlardan bircə damla yaş çıxır, aşağı yuvarlanır, saralmış gicgahla sürüşür və ağarmış saçların arasında yox olurdu.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/konstantin-paustovskiy/hekay-l-r-68289313/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Lombardiya – İtaliyanın şimalında administrativ region; mərkəzi Milan şəhəridir.




2


Lyö – təxminən 4,5 km-ə bərabər uzunluq ölçü vahidi; arxaik sözdür. Müasir fransız leksikonunda işlənmir (red.).




3


Maksimilian Aleksandroviç Voloşin (1877-1932) – rus şairi, mənzərəçi rəssamı, tərcüməçisi, ədəbi tənqidçisi




4


Visla – Polşada ən böyük çay; bol sululuğuna görə Avropada Nevadan sonra ikinci çaydır. Visla çayının uzunluğu 1047 km-dir.




5


Mezonin (ital. mezzanino – yarımmərtəbə, mərtəbəarası. Kökü yunan sözüdür; mezos – orta deməkdir) – 1) çardaq mərtəbəsi, qüllə otaq. Evin yuxarısında, bəzən də orta hissədə alçaqtavanlı, kiçik tikilidir, adətən, qarşısında balkon olur. Çox vaxt kvadrat, üçkünc formada tikilir. Bəzən otaq kimi deyil, binaya dekorativ görünüş vermək üçün düzəldilir; 2) teatrda yuxarı oturacaqlardakı ilk sıra.




6


Aleksandr Blok (1880-1921) – görkəmli rus şairi; haqqında danışılan “Uzaq yol asan olur” kitabının adı isə 1908-ci ildə yazılmış “Rusiya” adlı şeirindəki misradan götürülüb.




7


Beqoniya çiçəyi – dekorativ dibçək gülü; çiçək Haitinin qubernatoru Mişel Beqonun (1638–1710) şərəfinə adlandırılıb. Belə ki, M.Beqon Haitiyə qubernator təyin olunduqdan sonra adanın turizm infrastrukturunu, eyni zamanda yerli əhalinin əkinçiliyə marağını artırmaq üçün burada bitən bütün bitki aləmini təsnifatlandıraraq kataloq yaradıb. Beqoniya çiçəyi isə botaniklərə məlum olmayan yeni bitki olduğu üçün onu kəşf edən qubernatorun şərəfinə adlandırılıb.




8


“Avropa carçısı” jurnalı – Rusiyada 1802-1918-ci illər arasında əvvəlcə rüblük, sonra isə aylıq çıxan ədəbi, siyasi jurnal




9


İvan Nikolayeviç Kramskoy (1837-1887) – rus rəssamı, tənqidçisi; əsasən, tarixi mövzularda rəsmlər və portretlər çəkib.




10


Solveyq – Norveç dramaturqu, şairi, publisisti Henrik Yohan İbsenin (1828-1906) “Per Günt” poemasının qadın qəhrəmanı




11


Moyka – hazırkı Sankt-Peterburqda çay; Neva çayının bir qoludur. Uzunluğu 4,6 km, eni 40 m-dir. Moykanın hər iki sahili boyunca şəhərin ən qədim binaları yerləşir.



Konstantin Paustovskinin seçmə hekayələrinin toplandığı bu kitabdakı əsərlərin ana xəttini təbiətə və vətənə sevgi, bəşəri dəyərlərin tərənnümü təşkil edir.

Как скачать книгу - "Hekayələr" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Hekayələr" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Hekayələr", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Hekayələr»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Hekayələr" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Видео по теме - Həyat Bir Yuxudur - İbrətli Hekayə - AZ-ÖZ

Книги серии

Книги автора

Аудиокниги автора

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *