Книга - Hekayələr

a
A

Hekayələr
Ənvər Məmmədxanlı


Hekayə ustaları
Ənvər Məmmədxanlının bu kitabdakı hekayələri özünəməxsus üslubu, obrazların və hadisələrin lirik-romantik təsviri, qəhrəmanların ecazkar daxili dünyası ilə oxucu qəlbini riqqətə gətirir.





Ənvər Məmmədxanlı

Hekayələr





BUZ HEYKƏL


Qırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır, hava cingildəyir, islıq çalır, daş çatdayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.

Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərlə tənha bir kölgə hərəkət edir.

O, gənc bir anadır, körpəsini bağrına basmışdır, yurdunu tapdayan yırtıcı düşmən əlindən baş götürüb qaçmışdır, namusunu qara əllərdən xilas eləmişdir, özünü və ciyərparəsini bu rəhmsiz gecənin ağuşuna atmışdır.

Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf üz tutub Böyük torpağa doğru gedir.

Qarşıda sahilləri meşəli böyük bir çay var, cəbhə xətləri o çay yaxasından keçir və zaman-zaman ordan gələn top gurultuları gecələr dağlardakı qar uçqunlarının çoxmərtəbəli nəriltiləri kimi şaxtalı gecəni titrədib lərzəyə salır.

Və ana tələsir, hava işıqlanmamış o, özünü cəbhə xəttinə yetirməlidir, körpəsini çayın o tayına – azad torpağa keçirməlidir, sinəsi üstündəki uşaq həyatını yenidən ocaq istisi, gündüz işığı, günəş ziyası ilə isindirməlidir.

Ana nəfəsini dərmədən gedir, yıxılır, qar içində batıb qalır, çırpınır, qar içindən ayağa qalxır, amma nə qədər yol gedirsə elə bil zaman da bu gecə donub hərəkət eləmir, saniyələr yerində sayır, irəli getmir və qarlı çöllərin sonsuzluğunda bir qarış tükəniş əlaməti görünmür.

Ana taqətdən düşür, şaxta zəhərlə suvarılmış qılınc kimi kəsir və anaya elə gəlir ki, bu qılınc indi onun qucağındakı körpənin həyatına qəsd edir və ananın alacalanmış gözləri daldalanmaq üçün bir bucaq, pənah gətirmək üçün bir sığınacaq axtarır.

Bir az irəlidə qoşa bitmiş bir cüt ağcaqayın ağacı iki ağ sütun kimi göyə ucalmışdır, ana o ağaclara doğru gedir. Qucağındakı körpəsi ilə o ağaclara söykənib dayanır, indi ayaq üstə dayanmaq üçün, nəyə isə istinad etmək üçün bu sonsuz qarlı çöllərdə bu bir cüt çılpaq ağcaqayın ağacından savayı ana üçün digər bir istinadgah yoxdur…

Şaxta isə buzlu bir alov kimi ananın üz-gözünü qarsır və ana, ürəyində qıvrılan bir qorxunun ağladığını, şivən qopardığını eşidir – körpə donur, körpə donacaq, qolları arasındakı kövrək bir nəfəs sönəcək, sinəsi üstünə buz bağlamış bir dünyanın ağırlığı çökəcək…

Lakin ana ürəyində ağlayan qorxuya üsyan eləyir – qoy dünya donub buzlağa dönsün, həyat yer üstündən qaçıb yer altına köçsün, yenə də ana ürəyinin hərarəti sönməyəcək və rəhmsizliyi ilə bədheybət olan heç bir kor qüvvə kiçik bir həyat fidanını ananın sinəsindən qoparda bilməz!

Və ana kəskin bir hərəkətlə əynindən yun jaketini çıxardır və bərk-bərk körpəsini büküb bürmələyir, amma şaxta qızmar bir dəmir kimi ananın üz-gözünü dağladıqca, iliklərinə işləyən soyuqdan vücudu tir-tir əsib titrədikcə, anaya yenə elə gəlir ki, bu donan, bu titrəyən körpəsidir və ana bu dəfə başından qalın şalını da qopardır və yenə körpəsini büküb-bürmələyir, özü isə yalın əyni ilə şaxta qarşısında müdafiəsiz qalır.

İndi o hiss edir ki, donur, şaxtanın buzlu kəməndindən qurtuluşa gümanı yoxdur və istinadı yalnız budur ki, söykəndiyi bu bir cüt ağcaqayın ağacı onu tutub ayaq üstündə saxlamışdır və ana yenə bir əli ilə əynindən nə isə qopardır və bir əli ilə əynindən nə qopardırsa hamısını bir-bir körpəsinin üstünə qalaqlayır və titrəyən son nəfəsini, eşidilməyən son sözünü də körpəsinin üstünə örtür – qorxma, tifilim, qorxma, ufacığım, son nəfəsimin istisi də sənindir…

Sonra ana susur, beynində batqın bir uğultu qopur, qulaqları dibində sınıq cingiltili mis simlər gərilir və gərilən bu simlər bir-birinin ardınca qırılır, ananın göz qapaqları kilidlənir, nəfəsi çilik-çilik olub ayaqları altına tökülür və ana şaxtanın buz zənciri ilə qoşa ağcaqayın ağaclarına bitişib hərəkətsiz qalır.

Və indi göydə ulduzları cingildədən amansız bir qış gecəsi anaya başqa bir don biçir, başqa bir örtü geyindirir və şaxtanın buz barmaqları dayanmadan ana üçün büllur naxışları ağ ulduzlu yeni bir libas toxuyur…


* * *

Ovxarlanmış bir qılınc tiyəsi kimi kəskin işığıyla göz qamaşdıran şaxtalı bir səhər açılmışdır.

Və iki ağ sütun kimi göyə ucalan qoşa ağcaqayın ağacları qarşısında çiyinləri ağxalatlı üç nəfər dayanmışdır.

Onlar gecə kəşfiyyatından qayıdan üç nəfər gənc döyüşçüdür, indi hər üçü başlarını açıb, yerlərindən qımıldanmadan, gördükləri bir mənzərə qarşısında donub qalıblar və onlar bütün ömürləri boyu qarşısında dayandıqları bu mənzərəni unutmayacaqlar…

Bu, donmuş gənc bir qadının buzdan tökülmüş buz heykəlidir.

Və onlar, üç nəfər gənc döyüşçü müqəddəs bir mehrab qarşısında dayanmış kimi nəfəslərini udublar. Nə vaxtdan bəri gəlib burda dayanıb durduqlarını unudublar və daş kimi ürəklərindən asılan hissin ifadəsi söz xaricində qaldığı üçün susublar.

Nəhayət, onlardan biri yerindən tərpənir, nə isə bilinməz bir qüvvə çəkib onu irəli aparır, yaxınlaşır, donmuş qadının buz heykəli qarşısında dayanır və bir an tərəddüddən sonra hansı bir sövq-təbii hissin və daha artıq dəlicəsinə bir ümidin təlqini ilə ananın qolları arasındakı üstü buz bağlamış düyünçəni yoxlayır, həyəcandan titrəyən barmaqları ilə qarı çırpır, dırnaqları ilə buz təbəqəsini qəlpə-qəlpə qopardır və ürək döyüntüsü ilə buz altındakı örtükləri çözür, açır, dağıdır və birdən… Ordan, düyünçənin dərinindən kiçik bir varlığın baxışları gözlərinə zillənirkən, bütün gözlədiklərinə və gözləmədiklərinə rəğmən bu ansızın körpə baxışından səksənir, döşündən itələnmiş kimi bir addım geri sıçrayır və sonra dönür təlaş içində ona baxan yoldaşlarına, susub durmuş bu sonsuz qarlı çöllərin səssizliyinə və donmuş, buz bağlamış bütün bu dünyaya üz tutub qıy vurur:

– Körpə sağdır, uşaqlar, eşidin, körpə sağdır və qoy bütün dünya eşitsin, körpə sağdır!

Və o vaxt ki hər üçü baş-başa verib ana qucağındakı körpənin üstünə əyilir, baxırlar, gözlərinə inanmırlar, baxırlar, boğazlarında düyünlənən qəhərdən heç biri heç bir söz deyə bilmir, səhər işığından gözləri qamaşan körpə isə donmuş ana qucağından heyrətlə onlara baxır və gülümsəyir – dəfələrlə od-alov içindən keçmiş üç gənc döyüşçünün gözlərində yaş durmur və hər üçü əllərinin tərsi ilə gözlərini silirlər.

Sonra başlarını qaldırırlar, yenidən ananın buz heykəlinə baxırlar və yerə kimi səcdə edərək, son dəfə ananın buz heykəli qarşısında baş əyirlər.

Vaxtdır – geri dönməlidirlər və hər üçü bir-birinin arxasınca sıraya düzülüb geri dönürlər və körpəni növbə ilə bir-birindən alıb sinələri üstə aparırlar və hər dəfə körpə kimin qucağında gedirsə, digər ikisindən biri öndə, biri arxada körpənin keşiyində mövqe tutub addımlayır.

Və indi gənc ananın buz heykəli artıq onlar üçün tuncdan tökülmüş əbədi bir heykəldir ki, ana ürəyinin ölməz şücaətini təcəssüm etdirən ən möhtəşəm bir abidə kimi həmişə onların xəyalında həkk olub qalacaqdır.



    Bakı, 1944




ANANIN ÖLÜMÜ


Ana çoxdan ölüm yatağında idi və bu son günlər gözlərini aça bilmirdi, dili söz tutmurdu, huşu özündə deyildi.

Şam çoxdan ərimişdi, çoxdan tükənmişdi və o bir tikə titrək alov ki ilişmişdi dibində, ərinti üstündə qalmışdı, indi o da bir ilğım kimi yayxanırdı, üzülürdü, göz qırpırdı, amma sönmürdü ki, sönmürdü.

Və neçə gün, neçə gecə idi ki, bu can çəkişməsi davam edirdi.

Axşamlar kəndin gah yuxarı başındakı, gah aşağı başındakı evlərdən və səhərlər ananın çəpər arxası yaxın qonşularından yaşlı kənd qadınları macal tapıb bir yerə yığılırdılar və gəlib ananın yatağı yanında kilim üstündə bardaş qurub otururdular və növbə çəkirdilər ki, ana canını təslim eləyəndə gözlərini qapamaq üçün yanında bir simsarı, bir kimsəsi olsun.

O gün nəbzini tuta bilməmişdilər – yaxındakı dəmiryol stansiyasına adam göndərmişdilər və orda süpürgəçi vəzifəsində işləyən qoca bir mollanı tapıb gətirmişdilər ki, ”yasin“ oxusun.

Və qoca ilişmişdi, üç gün kənddə qalmışdı, gah gecəyarısı, gah axşamüstü və gah da səhər tezdən yasin oxumuşdu.

Amma hər dəfə içəridəkilər ananın döyüntüsü eşidilməyən ürəyinin artıq dayandığını yəqin eləyəndə və başlanan o sirli səssizlikdən qulaqlar cingildəyəndə elə bil ananın ürəyi yenidən dirilirdi və döyüntüsünün eşidilməz səsi ilə o uğursuz səssizliyi ananın başı üstündən geri qovurdu.

Bu vaxt qadınlar ”Allah, sən saxla“ nidasıyla bir-birinin üzünə baxırdılar və ana ürəyinin bu inadkarlığına mat qalırdılar ki, ananın ölüm əzabını bu qədər uzadırdı.

Sonra bəzən ananın qupquru nazik dodaqları tərpənən kimi olurdu, amma səsi çıxmırdı və belə dəqiqələrdə ananın çəpər arxası ən yaxın qonşusu Məsmə qarı ananın üstünə əyilirdi və dodaqlarının tərpənişindən ananın nə dediyini oxuyurdu:

– Deyir, ey rəbbim, nə olardı möcüzə göstərəydin: göydə bir quş oxuyaydı ki, Murad sağdır… Deyir, xudaya, nə olardı bu saat bir uşaq qaçıb gələydi, xoş xəbər gətirəydi ki, dava qurtardı…

Ananın oğlu müharibənin birinci günündən cəbhədə idi və bu oğuldan, bu yeganə övladdan başqa ananın heç kəsi yoxdu və indi bu oğul o qədər uzaqda idi ki, düşmən arxasındakı bir meşədən göndərdiyi üçkünc məktublar həftələrlə yol gəlib, sonra kəndə çatırdı.

Və bu il qış qurtaranda, məktub gəlməyəndə ana bir səhər yatağından qalxa bilmədi…

O vaxtdan həftələr keçmişdi və indi o labüd, qaçılmaz son gəlib çatmışdı. Artıq heç bir dava-dərman ananı həyata qaytara bilməzdi, buna görə idi ki, kəndin dünyagörmüş qarıları ananın neçə gün, neçə gecədən bəri uzanan bu can çəkişmə əzablarını yüngülləşdirmək üçün nə isə bir çarə, bir əlac tapmaq istəyirdilər, amma nə idi o çarə və nə idi o əlac – tapa bilmirdilər.

– Hə, onu deyirdim axı, öyrəli dili söz tutanda birdən dikəldi, yerindən qalxdı, əlimi qamarladı, sinəsinə basdı, Məsmə nənə, dedi, ölüm haqdır, amma mən ona görə bu qədər əzab çəkirəm, ona görə sizə də bu qədər zülm eləyirəm ki, xoşbəxt ölmək istəyirəm… O günə, Məsmə nənə, dedi, o günə, oğlumun əli əlimə dəyən günə mən bu ürəyimi qurban demişəm…

Qadınlar kövrəldilər, qara kağız alanların dərdi təzədən qövr eləyirdi, yollarını gözlədiklərinin nigarançılığı yenidən daş olub ürəklərindən asılırdı, amma özlərini boğurdular, xısın-xısın ağlayırdılar ki, səslərini ana eşitməsin, sonra əllərinin tərsi ilə gözlərini silirdilər və heyrətlə bir-birinin üzünə baxırdılar: xoşbəxt ölüm? Məgər vardımı bu dünyada belə bir ölüm?

Ana üçün vardı…

Vardı ki, sinəsi ölmüşdü, əlləri-ayaqları ölmüşdü, gözləri, dili, dodaqları ölmüşdü, ciyərləri, saçları ölmüşdü, təkcə ürəyi ölməmişdi, o ürəyi ki, həmişə yalnız oğlu üçün döyünmüşdü və indi yenə o ürək ananın bircə dəfə oğlunu görüb xoşbəxt ölməsi üçün bu qədər inad edirdi, təslim olmurdu, son zərbəsini vurmurdu və bununla da ananın can çəkişmə əzabını bu qədər uzadırdı.

Oğul! Hələ iki yaşı tamam olmamış atasından yetim qalmışdı və o vaxt ana hələ çox gözəl və çox gənc idi, amma neçə dəfə qapısına elçi gəlmişdisə, hər dəfə qapısı ağzından geri qaytarmışdı, gənc vücudunun, şəfqət istəyən ürəyinin, çiçəkli və təravətli qadınlığının bütün istək və diləklərini boğmuşdu.

Və oğul böyütmüşdü.

Elə mərd bir oğul ki, igid yaşına dolanda bütün kənd ananın adına oğlunun da adını qoşmuşdu və böyük-kiçik, xüsusilə balaca uşaqlar hər dəfə anaya ”Murad dayının anası xala“ deyəndə, ananın gülüşü, ana üçün ən xoşbəxt bir gülüş olmuşdu.

Sonra ana oğlunu şəhərə göndərmişdi, məhrumiyyətlərə qatlaşmışdı, ayrılığa dözmüşdü, səbir eləmişdi, “qoy oğlum şəhərdə böyük elm” oxusun, demişdi.

Aylar keçmişdi, illər dolanmışdı, oğul şəhərdə böyük elm oxumuşdu, təhsilini bitirmişdi, kəndə gəlmişdi və ilk sözü bu olmuşdu:

– Yır-yığış elə, ana, şəhərə aparıram səni, orda böyük bir fabrikdə işə başlamışam…

Və ana nə deyəcəyini bilməmişdi, oğlunun üzünə baxa-baxa qalmışdı, dədə-baba ocağından, torpağı altında ürəyinin parasını dəfn etdiyi bu yerlərdən ayrılıb getmək istəməmişdi, amma oğul fərağına dözməyə də artıq ürəyində taqəti qalmamışdı.

Və elə o gün şəhərdən gələn müharibə xəbəri bütün kəndi vəlvələyə salmışdı.

Oğul bir dəqiqə yubanmadan dəmiryol stansiyasına getmişdi, ordan şəhərə zəng eləmişdi, sonra axşamüstü qayıdıb gəlmişdi ki:

– Şəhər söhbəti sonraya qaldı ana, səbir elə, yolumu gözlə və heç vaxt məndən naümid olma…

Və yenə ana nə deyəcəyini bilməmişdi, amma o ifadə ki gözlərində zahir olmuşdu, oğul gözlərini qaçırtmışdı və elə o axşam şəhərə qayıtmışdı.

… İndi bu axşam yenə ölüm ilə ananın ürəyi arasında elə amansız və növbəti bir döyüş başlanmışdı ki, içəridəki qadınlar ananın üzünə baxa bilməmişdilər, başlarını aşağı salmışdılar.

Bu vaxt Məsmə qarı da gəlib çıxmışdı, amma qarı bu dəfə balaca qız nəvəsinin əlindən tutub içəri girmişdi. Qızcığaz elə qapı ağzındaca geniş açılmış gözləri ilə yatağında huşsuz yatan anaya baxanda və bərk-bərk nənəsinin böyrünə qısılanda, qarı yavaşdan onu irəli itələmişdi və qızcığaz yaxın getmişdi, ananın başı üstündə dayanmışdı, amma ananın üzünə baxmağa qorxmuşdu, gözlərini yummuşdu və birnəfəsə nənəsi ona nə əzbərlətmişdisə, təkrar eləmişdi:

– Xalacan, gözün aydın, dava qurtardı… Xalacan, dədəm, Murad dayı, Şirin bacının qardaşı Bədəl – hamısı ismarış göndərib ki, qırmızı vaqona minib kəndə gəlirlər… Sonra qızcığaz geri dönüb nənəsinin üstünə qaçmış və bu dəfə də Məsmə qarı qızcığazı içəridən çölə qovmuşdu ki, çıx, orda, artırmada məni gözlə.

Və içəridə kim vardısa, hamısının canından buz kimi soyuq bir gizilti keçmişdi, amma hamı sidq-ürəkdən inanmışdı ki, yalnız bu bir tikə məsum qız uşağının tərtəmiz, cingiltili səsi gedib can çəkən ananın huşuna çatacaq və ana oğlunun davadan sağ-salamat qayıtdığını eşidib, nəhayət, son dəfə rahat nəfəs alacaq, canını təslim eləyəcək və neçə gündən bəri çəkdiyi bütün bu əzaba son qoyulacaq.

Buna görə indi içəridəkilər hamısı başını qaldırmışdı, gözlərini anaya zilləmişdi və bu vaxt günlərdən bəri yatağında daş kimi hərəkətsiz düşüb qalmış ana yerindən tərpənən kimi olmuşdu, başını hara isə çevirmək istəmişdi, amma gücü çatmamışdı, gözlərini açmaq istəmişdi, aça bilməmişdi. Məsmə qarı tez yaxın gedib ananın üstünə əyilmişdi və yenə ananın dodaqlarının tərpənişindən nə dediyini oxumağa başlamışdı:

– Deyir, gəldiyin yollara anan qurban, oğul… Deyir, gözümü aça bilmirəm, üzünü görə bilmirəm, oğul… Deyir, əlini ver, əlin əlimə toxunsun, oğul…

Bu vaxt ananın əli sürüşüb taxt üstündən yerə düşmüşdü, bir-birinə qısılıb oturmuş qadınlar qorxub içlərini çəkmişdilər, hətta Məsmə qarı diksinərək və bir addım geri çəkilmişdi və hamı ananın taxtdan yerə düşmüş əlinə baxa-baxa qalmışdı.

Çünki ananın yerə düşmüş və açıq qalmış əli tərpənmirdi, amma elə bil nəyisə gözləyirdi, tərpənmirdi, amma elə bil nəyisə axtarırdı, tərpənmirdi, amma elə bil fəryad edib kimisə çağırırdı.

Və Məsmə qarı davam gətirməmişdi, hövlnak ayağa qalxmışdı, özünü açıq qapıdan artırmaya salmışdı, gedib orda, kəllə divardakı taxçanı eşib-eşələmişdi və axırda ordan yupyumru, hamar və qaramtıl bir daş tapıb çıxartmışdı.

Və bu daşı Məsmə qarı dəfələrlə gəlib anadan alıb aparmışdı, bu yupyumru hamar, qara daşla dəfələrlə böyük bir teşt içində abqora[1 - Abqora – qoradan hazırlanan turşu] üçün qora[2 - Qora – üzümün dəyməmişi, kalı] əzmişdi…

Sonra Məsmə qarı artırmadan qayıdıb içəri gəlmişdi, anaya yaxın getmişdi, yerə əyilmişdi və əlindəki bu qara daşı əlləri titrəyə-titrəyə ananın yerə düşmüş və açıq qalmış ovcuna qoymuşdu. Həmin dəqiqə ananın ovcundan rişələr keçmişdi: hərəkətsiz vücudu güclə sezilən bir titrəyişlə sarsılmışdı və əvvəlcə bir müddət bükülməyən barmaqları, nəhayət, bükülmüşdü, ovcundakı qara daşı bərk-bərk sıxmışdı… Və sonra hansı bir möcüzəyləsə ananın yerə düşmüş əli yuxarı qalxmışdı, sinəsi bərabərinə gəlmişdi və orda ovcundakı qara daşla bir yerdə taqqıltı ilə qupquru sinəsi üstünə düşmüşdü.

Və o şam ki çoxdan ərimişdi, çoxdan tükənmişdi, amma bir tikə alovu ilişmişdi dibində, ərinti üstündə qalmışdı, indi, nəhayət, o da sönmüşdü – ananın inadkar ürəyi son dəfə çırpınmışdı və son zərbəsini vurmuşdu.

Sonra o uğursuz və sirli səssizlikdən içəridəkilərin qulaqları cingildəyəndə, Məsmə qarı dərindən köksünü ötürmüşdü və hər iki əlini göyə qaldırmışdı:

– Ey bu vaxtın sahibi, – demişdi, – axır ki, o, əzabdan qurtuldu, sən də əgər adilsən, günahından keç, sən də əgər rəhmdilsən, bu aciz bəndənə, həmişə dərgahında boynunu bükənə rəhm elə!



    Bakı, 1944




ƏFSANƏLİ DAĞLAR


(Uzaq dağlarımıza qalxan ilk məktəb müəlliminə)


O birinci dəfə idi ki, bu yerlərə ayaq basırdı. Üç gündü ki, bu uzaq dağlarda itirdiyi ovunu axtarırdı. Onu buralara aşağıdan, qalın aran meşələrində izinə düşdüyü bir maral çəkib gətirmişdi. Nabələd olduğu bu dağlarda isə o azıb yorulmuş və artıq ovunu tapmaqdan tamamilə ümidini kəsmişdi ki, birdən axtardığına rast gəldi. Ovçu onu meşənin dərinliyində, göydə çətirləri bir-birinə qarışmış qalın gövdəli, ucaboylu vələs ağacları arasında dayanmış gördü. Maral başını aşağı salıb ağac gövdəsinə söykənmiş, elə bil məruz qaldığı təqiblərdən yorulub indi dərin fikrə getmişdi.

Ovçu qəfildən onun üstünə çıxarkən qeyri-ixtiyari diksindi, sonra həyəcan içində tələsik və qəti bir hərəkətlə əlini tüfənginə atmaq istəyirdi ki, birdən maral ağır-ağır başını geri çevirdi, boynunu büküb qara, işıltılı qonur gözləri ilə ovçuya baxdı.

Lənətə gələsən səni, dəli şeytan! Yenə ovçunun əlləri sustaldı, yenə ovçu yerində donub qaldı. Heyvanın gözləri o qədər qəşəng, parlaq və cazibəli idi ki, ovçu bu dəfə də ona əl qaldıra bilmədi. Ona elə gəldi ki, əgər o, təbiətin bu nadir yaraşığına qəsd edərsə, əgər bu saat ona zillənmiş o qəribə gözlər qapanarsa, yanaqlardan süzülən bütün bu yaşıl işıqlar bir anda sönəcək, meşə üzərinə zülmət bir gecə enəcək, dağlar-qayalar belə fəryad edib haray qoparacaqlar. Sanki bu dəqiqə təbiət özü ürəyini tutub nəfəsini udmuş, rəngi qaçmış meşə çiçəkləri gözlərini geniş açmışdı.

Ovçu davam gətirməyib başını aşağı saldı, ayaqları altındakı qorxmuş çiçəklərə baxıb gülümsədi – o, təqib etdiyi ovuna imkan verirdi ki, qaçsın, uzaqlaşsın. Yox, görünür, o, bu maralı ovlaya bilməyəcəkdi. Artıq ikinci dəfə idi ki, maral onu bu cür sehrləyirdi. İkinci dəfə idi ki, o, bu günəş gözlü varlığa qıya bilmir, ürəyini gəmirən acgöz ovçuluq ehtirası ruhuna işləyən bir gözəlliyin amansız cazibəsi ilə üz-üzə gəlirdi. Ovçu şikarının yox olduğunu güman edərək başını qaldırdı. Lakin maral getməmişdi. Maral ona baxırdı. Ovçu heyrət içində gözlərini döydü. Bu zaman maral xəfif bir hərəkətlə başını buladı, sol biləyini qaldırıb dırnaqlarını iki dəfə yerə çırpdı, sonra yola düzəldi. Bu dəfə o qaçmayaraq ağır-ağır gedirdi. Bir qədər uzaqlaşıb yolunu kəsən pöhrəliyi döşü ilə yardı, sonra dayandı, boynunu büküb yenə geriyə baxdı.

Elə bil o, ovçunu harasa çağırırdı. Ovçu ovunun iradəsinə tabe olaraq maralın dalınca getdi. Maral qabaqda, ovçu arxada meşə ilə çox getdikdən sonra, nəhayət, onlar uçurumlu böyük bir dərəyə yetişdilər. Ovçu bütün cığırların bu uçurumlu dərə kənarında bitdiyini gördü. Elə bil buradan o tərəfə heç kəs keçməmiş, dərənin o biri tayı nə insan səsi eşitmiş, nə insan ləpiri görmüşdü…

Maral yana buruldu. Sonra dönüb geri baxdı, qonur gözlərinin lal çağırışı ilə o yenə ovçunu dalınca çəkib harasa aparırdı. Gizlin və sanki marala məlum bir cığırla aşağıya, uçuruma endilər, sonra divar kimi dik bir yoxuşa rast gəlib yuxarı dırmaşdılar. Ovçu yoxuş divarında üfüqi istiqamət almış ağac budaqlarından, üzüaşağı sallanıb bir-birinə sarmaşan müxtəlif bitkilərin uzun hörüklərindən yapışaraq özünü yuxarı qaldırır, girinti-çıxıntıları ayaqları altında pillə edib sanki dik bir divara dırmaşırdı. Qabaqda gedən maral isə tez-tez gah sağa, gah sola burulur, ayaqları altında qopan daşlar gurultu ilə aşağı töküləndə, ovçu cəld özünü ağacların gövdələri arxasına verib daldalanmağa məcbur olurdu. Nəhayət, onlar yoxuş başına qalxıb yüksək və hamar bir yaylaya çıxdılar. Burada, meşənin seyrələn yerində qarşılarında bir tala açıldı. Talanın yuxarı tərəfində əfsanəvi qala bürclərini andıran çılpaq qayalar yüksəlirdi. Onlardan biri, görünür, vaxtilə dəhşətli bir sarsıntı nəticəsində qopub aşağıya, talaya yumarlanmış, sonra isə bu nəhəng qaya parçasının böyrünə kiçik bir dağ kəndi sığınmışdı. Kənd cəmisi on dörd komadan ibarət bir oba idi.

Maral irəli gedib kənardakı ucqar bir komanın yanında dayandı. Komanın hörmə çubuq çəpərli həyətindən çıxan ensiz cığırın bir qolu qızıl lalələrlə örtülü kiçik bir dərəyə enir, digər qolu isə talanı kəsib keçərək meşə içində gözdən itirdi.

Ovçu dayanıb bir an ətrafı gözdən keçirdikdən sonra maralı nişan tutub ucqar komaya doğru yönəldi. Maral orada başını aşağı salıb komanın divarına söykənmiş, elə bil yenə nə barədə isə öz-özünə fikirləşirdi.

Ovçu artıq ona çatmışdı ki, birdən heyvan diksinib kənara sıçradı, ildırım kimi dərə döşüylə üzüaşağı götürüldü, bir dəqiqə sonra isə artıq sıx meşəyə girib gözdən itdi.

Ovçu koma yanında dayanıb uzun-uzadı maralın arxasınca baxdı, sonra birdən yorğunluq ona elə güc gəldi ki, tüfəngini çiynindən çıxardıb, özünü koma arxasındakı dikdir üstünə yıxdı. Ovçu bu cür yorğun-arğın çox oturub qaldı. Axşam günəşi odlu bir quş kimi üfüqdə yarımdövrə vurub, qərbdəki Yasamal dalına endi.

O zaman ovçu da ayağa qalxdı, obada gecələmək niyyəti ilə ucqar komanın qapısını döydü. Qapını açan, üzündə keçmiş gözəlliyindən solğun izlər qalmış alagöz bir qadın idi. O, ovçunu Allah qonağı kimi içəri buraxdı. Ovçu komaya girib qapı ağzında dayandı. Komanın yuxarı tərəfində baca altında ocaq yanırdı. Ocağın sağında çal qaşları altındakı gözləri dərin çuxurlara düşmüş bir qoca oturmuşdu. O, əlində yonduğu ağac parçalarından qaşıq və çömçə qayırırdı. Ocağın solunda həsir üstündə salınmış yataqda kim isə yorğan altında uzanmışdı.

Qoca içəri girən qonağın salamını alıb öz yanında, ocaq başında ona yer göstərdi, sonra üstünü çırparaq, yonub yanına tökdüyü yonqarı çəngələyib ocağa atdı. Ovçu bilirdi ki, əgər özü deməsə, heç kəs ondan – Allah qonağından – haradan gəldiyini, haraya getdiyini və kim olduğunu soruşmayacaq. Qoca kəhildəyib ayağa qalxarkən:

– Otur, oğlum, – dedi, – otur, mən də bu saat qayıdıram.

Qoca komadan çıxarkən ovçu yuxarı başa keçdi və bu zaman ocağın gözünü tutmuş yonqar topası birdən çatırdayıb alışdı, alov çırpınıb quş kimi qanad çaldı, közərən kösövlərdən qopan çırtdaqlar yuxarıya, bacaya doğru sıçradı.

Bu zaman komanın divarlarında rəqsə başlayan qırmızı şölə ocağın yanındakı yatağı da işıqlatdı, hələ də ayaq üstündə dayanmış ovçu isə qeyri-ixtiyari yataqdakının üzünə baxdı.

Güllü çit yorğan altında uzanmış gənc bir qızın qara saçları yastıq üzərinə dağılmış, solğun üzündəki qaşları elə çatılmışdı ki, elə bil o, yuxusunda gördüyü röyalara qarşı hirslənmişdi.

Ev sahibəsi gəlib yataq yanında oturarkən qız gözlərini açdı, sonra əlini alnına çəkib başını yana çevirəndə, hələ də ocaq başında ayaq üstə durmuş ovçunu görüb diksindi, cəld anasının əlindən tutub geniş açılmış gözləri ilə ovçuya baxa-baxa qaldı.

Qızın baxışları altında ovçunun da halı dəyişdi, bir qədər özünü itirib başını aşağı saldı. Qız dönüb anasına baxdı:

– O kimdir, anacan, o kimdir? – deyə soruşdu.

Anası əllərini qızının saçlarına çəkərək:

– Allah qonağıdır, bala, – dedi, – indicə qapını döyüb içəri girdi.

Qız həyəcan içində qalxıb yerində oturdu:

– Yox, bu, odur, anacan, bu, odur, – dedi.

Anası təlaş içində qızının çiyinlərini qucaqladı:

– Sakit ol, Pərican, sakit ol, elim-günüm, yoxsa səni yenə qara basır?

Bu dəfə qız artıq dinmədi. Yalnız başını çevirib komanın açıq qapısından, üzərinə axşam qaranlığı çökən dağlara baxdı, külək tərpədən meşələrdən gələn sirli uğultuya qulaq verdi, sonra birdən anasının sinəsinə qapanarkən, çiyinləri titrəyib əsdi.

Ovçu ayaq üstə donub qalaraq qızın titrəyən arıq çiyinlərinə baxır, ana isə qızını bağrına basıb pıçıldayırdı:

– Ağlama, gözünə qurban, nə var ki səndə, sağalacaqsan, ağlama, axı evdə qonağımız var. Qoy Əşrəf baba keçiləri sağsın, bu saat qonağımız üçün süfrə açarıq.

Qız başını qaldırıb yenidən ovçuya baxdı, indi onun gözyaşı ilə yuyulmuş gözlərində suları soyumuş payız dənizlərinin hüznü vardı. Ovçu bu baxışlar altında nə edəcəyini bilməyərək tüfəngini ocaq yanında divara söykərkən, qız ondan soruşdu:

– Səni bura mənim maralımmı gətirdi?

Ovçu diksinib heyrət içində qıza tərəf döndü, başının hərəkəti ilə qızın sualına cavab verdi. O zaman Pərinin başı yenidən yastıq üstünə düşdü, yol çəkən gözləri komanın tavanına, hisli pərdələrə dikildi, sonra o sanki öz-özünə danışırmış kimi:

– Axır ki gəlib çıxdın, – dedi. – Gecələr yuxuda görüb, gündüzlər yolunu gözləməkdən yorulub yatağa düşmüşdüm.


* * *

O gündən ovçu uzaq dağların əsiri olaraq qaldı. Pəri isə tezliklə yatağından qalxdı, az keçmədən yabanı bir dağ çiçəyi kimi açıldı, dodaqları lalə rəngli naxışlar çaldı, gözlərində günəşlər od tutub yandı, ürəyi fələklərə meydan oxuyan bir sevinc çeşməsi kimi qaynadı.

O zaman çoxdan bəri Pərinin mahnılarına həsrət qalmış dağlar, dərələr yenə onun səsini eşitdi, meşədən susmuş qumrular yenə ona səs verdi.

İndi kənddə artıq on beş koma vardı.

Əşrəf baba meşədən qırıb gətirdiyi çubuqlardan yastı-yapalaq bir koma hörmüş, Pəri ilə ovçu isə bu koma içində səadətlərinin sarayını göyə ucaltmışdılar.

Artıq Pərinin hər günü, bir günlük ömür sürən əlvan qanadlı bir kəpənəyə bənzəyirdi. Nazlı bir kəpənəyi andıran dan şəfəqi sərin və ipək qanadlarını Pərinin gözlərinə çəkir, qız ayılır, gözləri qarşısında qızıl qanadlı bir dağ səhəri görür, sonra bu zərif kəpənək havada rəqs edərkən, qanadlarından yerə qucaq-qucaq ulduzlar tökülür, axşama yaxın isə yorğun qanadlarını büküb qərbdəki Yasamal üzərinə sərilir, orada batan günəşin sarı simli şüalarında çırpınıb göz qırpır, sonra yavaş-yavaş əriyib yox olurdu. Sabahısı daha yaraşıqlı bir kəpənəyə bənzər başqa bir səhər açılır, axşam olurkən o da əvvəlkilər kimi qərbdəki Yasamal üzərində bir xəyala dönüb sönür, əbədiyyətin sonsuz dənizində bir zərrə kimi yox olurdu.

Pəri isə bu kəpənək – səhərlər arxasınca yüyürüb oynayan qayğısız bir körpə kimi idi. İndi ona elə gəlirdi ki, günəş onu oyatmaq üçün doğur, ay ona gülümsəmək üçün göyün ortasında süzür, dağdan qopan külək onun saçlarını oxşamaq üçün qanad açıb gəlir, dalğın gözlü axşamlar ona layla çalmaq üçün yer üzərinə enir.

Lakin bir gecə dağlarda şiddətli tufan qoparkən Pərinin məhəbbət röyaları ilk dəfə olaraq çalxanıb təlatümə gəldi və qızın əlvan səadət sarayından sanki bir kərpic qopub yerə düşdü.

Tufan gecə qəfildən qopdu.

Göy nəhəng bir mərmi kimi Pəri ilə ovçunun koması üstündə partladı. Hardasa meşədə külək sındıran bir ağacın fəryadı eşidildi. Pəri dik atılıb hövlnak yuxudan ayıldı. Ovçu da diksinib qalxaraq yatağında oturdu. Qız qaranlıqda özünü ovçunun üstünə ataraq qışqırdı:

– Oyan, laçınım, maralımı vurdular.

Ovçu Pərini qolları arasına alaraq:

– Qorxma, göyərçinim, – dedi, – qorxma, göy guruldadı. İstəyirsən su verim, iç!

Bu anda yenidən ildırım çaxdı, daxmanın içi süd kimi aydınlıq oldu. Pərinin geniş açılmış gözlərində, rəngi qaçmış üzündə bir-birinə sarmaşan işıltılar yanıb söndü.

Pəri su içib yuxudan tamamilə ayıldısa da, lakin yenə sakit ola bilmədi, ürəyi təlaş içində döyünməyə başladı. Bu tufanlı gecə ona nəyi isə xatırlatdı, çoxdan görmədiyi maral qızın yadına düşdü. Bütün bu günlər, həftələr qız öz sonsuz səadətinə elə qərq olmuşdu ki, maralını tamamilə unutmuşdu.

İndi yaralanmış bir yırtıcı kimi dağlarda, dərələrdə nərə çəkən küləyə, coşqun dağ çayları kimi şappıldayıb guruldayan meşələrə, dalbadal göydə partlayıb ətrafı sarsıdan ildırımlara qulaq asdıqca qız uçunur, maralını düşünür, ürəyi qorxu ilə dolurdu. Bütün bu illər ərzində gün olmamışdı ki, maral meşədən gəlib Pərini yoxlamasın. Qışda qarlı meşələrdə canavar sürüləri vurnuxanda heyvan qaçıb Pərinin həyətinə pənah gətirər, koma qarşısında qapı ağzında gecələyərdi. İndi neçə həftə idi ki, maral yox olmuşdu. Birinci dəfə idi ki, maral bu qədər uzun müddət meşədə qalıb obaya doğru gəlmirdi. Ovçunu gətirdiyi gündən heyvan gözdən itmiş, o gündən bəri bir dəfə də olsun Pəriyə baş çəkməmişdi.

Səhərin gözü açılar-açılmaz Pəri ayağa qalxıb meşəyə, maralı axtarmağa getdi. Ovçu isə ayılarkən Pərini komada görməyib təlaşa düşdü, lakin Əşrəf baba onu sakit eləyib özü ilə bərabər meşəyə, çoxdan yerini bələdlədiyi bir ağacı kəsməyə apardı. Pəri yalnız axşamüstü, Əşrəf baba ilə ovçudan çox sonra yorğun və fikirli halda meşədən qayıtdı. Bu vaxt ovçu daxmada, ocaq qırağında oturub tüfəngini silib təmizləyirdi. Pəri içəri girəndə başını çevirib tutqun baxışlarla qızı süzdü. Pəri ocaq başında oturub dalğın gözlərini oda zillədi, sonra başını qaldırıb ovçunun baxışlarını görərkən, yavaşdan köksünü ötürərək:

– Ah, laçınım, – dedi, – çox gəzdim, çox axtardım, axırda maralı tapdım, amma nə qədər elədim, gətirə bilmədim. Əvvəl bir az dalımca gəldi, sonra birdən dönüb meşəyə getdi. İndi ürəyim həmişə səksəkədə olacaq…

Ovçu gülərək başını buladı:

– Qəm yemə, göyərçinim, – dedi, – ovçun ölməyib ki, sən maralsız qalasan. Günü sabah bu dağların bütün marallarını qovub həyətinə gətirərəm.

Pəri şəfqətlə ovçunun boynuna sarıldı:

– Yox, laçınım, – dedi, – mənim bəxtim təkcə o marala bağlıdır. Bu dağlardakı marallar içində mən gərək təkcə onu göz bəbəyim kimi qoruyam.

Pəri yaxından ovçunun gözlərinə baxıb məzlum bir təbəssümlə gülümsədi.

Bu təbəssümdən ovçunun ürəyindən bir sızıltı keçdi, o, diqqətlə qızın gözlərinə baxaraq:

– Bəlkə, sən yenə xəstələnmisən, Pərican? – dedi. – Gecələr hərdənbir yuxuda inildəyirsən…

Pəri gözlərini aşağıya dikdi:

– Elədir, laçınım, gecə gördüyüm o uğursuz yuxunun vahiməsi hələ də ürəyimdən çıxmır. Qorxuram yuxum çin çıxa, elim-günüm, qorxuram maralımın başına bir xəta gələ… Gecə göy gurultusundan ayılanda qarışıq bir yuxu gördüm. Yuxuda kimsə göydə başım üstündə at çapırdı. Başımı qaldırıb yuxarı baxdım. Nə görsəm yaxşıdı, laçınım? Gördüm ki, yazıq maralım başını geri atıb, budaqlı buynuzlarını belinə qısıb göy üzü ilə baş alıb qaçır. Gözlərindən cin yağan qara yapıncılı bir ovçu da ov kimi qızartdaq bir at üstündə güllə kimi heyvanın dalısınca çapır. Hirsindən ovçunun gözlərinə qan sağılmışdı. Tez-tez atını qırmanclayıb maralımı qovur, hərdənbir az qalırdı ki, yazıq heyvanı haxlasın[3 - Haxlasın – haqlasın: yüyürüb çatmaq, dalınca qaçıb yaxalamaq]. Göydə maralıma qahmar çıxan təkcə bir ay idi, laçınım, o da qara buludlarla əlbəyaxa olub çapalayırdı. Amma elə ki çırpınıb buludların əlindən çıxırdı, o saat yüyürüb maralımın yoluna işıq salırdı ki, heyvan büdrəməsin. Bir yerdə onlar hər ikisi, maral da, ay da qara buludların çəngəlində ilişib qaldılar. Ürəyim gup elədi, laçınım. Amma sonra gördüm ki, maralım buludları yardı, ayı da buynuzuna alıb açıq bir yerə çıxardı. Ay o saat havalanıb yuxarı qalxdı, yenə maralımın yoluna işıq saldı. Bunu görən qara paltarlı ovçunun aya da hirsi tutdu, qıy vurub çığırdı, hardansa cinlər qaçıb gəldilər, yuxarı atılıb yazıq ayı boğmağa başladılar. Ay qıpqırmızı qızarıb çırpınmağa başladı, bu vaxt ovçu bulud içindən çıxan bir ildırımın ucundan tutub qırmanc kimi atına vurdu, kürən atı qapqara qaralıb irəli sıçradı, ovçu tüfəngini çiynindən çıxardı… Güllə açıldı, maralıma dəyəndə mən çığırdım, laçınım, oyanıb üzümü sənin üstünə saldım…

– Sən bu uğursuz yuxuları yadından çıxart, Pərican, – deyə ovçu səsləndi. – Yuxu ancaq yuxudur, başqa heç bir mənası yoxdur.

Pəri gözlərini ocaqdakı alova zilləyib bir an fikrə getdi.

– Yox, laçınım, – dedi, – mənim yuxum həmişə çin çıxıb. Görünür, maralımın başında bir xəta var… İndi mən gərək həmişə gözdə-qulaqda olam.

O gündən Pəri tez-tez meşələrdə, dağlarda yox olmağa başladı.


* * *

Bir axşam ovçu adəti üzrə bir dəstə meşə göyərçini vurub evə qayıtmışdı. Pəri meşə göyərçinlərinin kababını çox sevirdi. Qız bu quşları Əşrəf babanın nar çubuqlarından qayırdığı şişlərə çəkib qızardır, hər axşam ailə üçün kiçik, lakin dadlı bir süfrə açırdı.

Bu dəfə ovçu öz komasına girərkən içəridə heç kəsi tapmadı. Quşları ocaq qırağına atıb qonşu komadan Pərinin anasını səslədi. Ovçunun səsini eşidən ana öz komasından çıxdı, qızının hələ də evə qayıtmadığını bilib təlaşa düşdü, yaxın dağlara tərəf baxaraq:

– Meşəyə getmişdi, – dedi. – Olmaya qız dumana düşüb azdı?!

Ovçu ananı sakitləşdirib Pərinin dalınca meşəyə getdi. Meşə artıq duman və qaranlıq içində idi. Ovçunun özünü vurmadığı yer, axtarmadığı bucaq qalmadı. Lakin Pəri yoxdu ki, yoxdu. Ovçu özünü qalınlıqlara vurub vurnuxur, üzünü müxtəlif tərəflərə çevirib Pərini haylayır, lakin qaranlıq meşədən cavab gəlmir, harayına yalnız uzaq təpələrdə ağız-ağıza verib ağlaşan çaqqallar səs verir, gah sağında, gah solunda isə ağaclar arasında od kimi közərən qoşa nöqtələr zahir olurdu. Bu, meşədə dolaşan ac canavarlardı, hərdən onların gözləri zülmət içində bir məşəl kimi alovlanırdı. Dəhşətdən ovçunun alnını soyuq tər basdı: o, köməksiz sevgilisini qan-ölüm və pusqu təhlükəsi ilə nəfəs alan belə bir gecədə, bu çıxılmaz və qaranlıq meşədə tapa bilmir, Pərini çağıran səsi qəhərlənmiş boğazında ilişib qalır, batqın xırıltılarını yalnız özü eşidirdi.

Bu zaman onun yanından qara bir kölgə ötüb keçdi. Ovçu diksinib gözünü qaranlığa zillədi. Lakin heç bir şey görüb seçə bilmədi. Yalnız irəlidə kiminsə ayağı altında quru çır-çırpıların sındığını eşidirdi. Ovçu bu xışıltını tuş tutub getdi. Birdən səs kəsildi, ovçu dərhal addımlarını sürətləndirib od çaldı, qarşısında nə olduğunu bilmək istədi. Kiçik alovun parçaladığı qaranlıqdan bir cüt qonur-qara göz işıldadı. Bu maral idi. Ovçunun yaxınlaşdığını görüb cəld kənara sıçradı və bu an ovçu uzaqdan onu çağıran Pərinin səsini eşitdi.

Ovçu dəli kimi irəli atıldı, əlləri ilə, döşü ilə ağacların qol-budaqlarını yara-yara Pərinin səsi gələn səmtə doğru yüyürdü.

Ovçu çox gedib, nəhayət, Pərini yuxarıda, laləli dərənin üstündə dik ucalan qoca qovaq ağacı altında tapdı.

İki kölgə qaranlıq içində bir-birinə sarıldı. Çox keçdi, lakin heç biri heç bir söz deyə bilməyərək, yalnız ürəyinin döyüntüsünə qulaq asdı. Handan-hana Pərinin səsi eşidildi:

– Laçınım, – deyə başını ovçunun sinəsinə sıxaraq meşəyə tərəf baxdı, – bir bax, dərə dibində canavarların gözləri çıraq kimi yanır. Maral isə evə getmək istəmir. Nə qədər yalvarıb oxşadım, getmədi… Axşamdan burada, bu qovaq altında dayanıb durmuşuq… Meşədən sənin səsin gələndə tanıdı, dalınca getdi, səni gətirdi, laçınım, amma özü yenə yox oldu.

Ovçu ağır-ağır nəfəs alıb dinmədi. Üzü tutuldu, ürəyi qaynar bir hirslə döyündü. Başından keçən fikirlər, külək qovub parçalayan qara buludlar kimi, ağır və pərakəndə idi. Artıq Pəri də susmuşdu, başını ovçunun döşünə sıxıb dinmirdi. İndi hər ikisi gözünü qaranlığa zilləyib, sanki baxışı ilə qatı qaranlığı yararaq, gələcəyin uzaq və dumanlı aynasında nə isə görmək istəyirdi.

Bəzən onlar axşamlar gəzməyə çıxarkən buraya, laləli dərənin üstünə gələr, indi dayandıqları yerdə, qoca qovaq ağacı altında ot üstünə yıxılıb yanaşı oturardılar. Gündüzlər buradan baxanda sanki bütün dünya onların ayaqları altında qalar, gözləri qarşısında xəyalı qanadlandıran uzaq və dumanlı üfüqlər açılardı. Arxada, başları üstündə isə bol otlaqlı, səfalı yaylaqlı, başıqarlı Şahdağı ilə sıldırım qılınc qayaları çılpaq və heybətli Baba dağı yüksələrdi.

Bu zaman Pəri uzaqdakı dumanlı düzənlərə baxaraq soruşardı:

– Düzünü de, laçınım, könlün quşu heç aşağılara, gəldiyin yerlərə uçmaq istəyirdimi?

Ovçu cavab verərdi:

– Yox, göyərçinim, yox… Könlüm quşu padşahını axtaran bir dövlət quşu idi ki, nəhayət, gəlib sənin başın üstündə qanad çaldı… Elə xoşbəxtəm ki, göyərçinim, qorxuram bütün bunlar bir yuxu ola, birdən ayılam.

O zaman Pərinin gümüş sədalı bəxtiyar səsi laləli dərənin üzərində qanad çalar, ta Şahdağının qarlı zirvələrinə qədər ucalar, meşələrdə vaz atan[4 - Vaz atmaq – hoppanmaq, sıçramaq, atılıb-düşmək] cüyürlər, çılpaq qayalar üstündən havalanan qartallar qızın ovçuya oxuduğu dağların bu misilsiz bayatılarına qulaq asardılar:

Dağlara şeh düşəndə,
Gülə şəbnəm düşəndə
Ruhum qəfəsdə oynar,
Sən yadıma düşəndə.

Dağlar başı tütündü,
Kimin başı bütündü.
Tez gəl üzünü görüm,
Dünya ölüm-itimdi.

Dağlar, mənə qar göndər,
Əsirgəmə, var göndər.
Ya bu dərdə şərik ol,
Ya dərmanı var göndər.

Dağlar duman oldu, gəl,
Halım yaman oldu, gəl.
Günlə vədə vermişdin,
İllər tamam oldu, gəl.

İndi bu dumanlı və qaranlıq gecədə elə bil onların səadətinin açıq səmasına hardansa qopan bir bulud gəlmişdi. Bəlkə, bu, azğın düşmüş sərsəri bir buluddur ki, tezliklə ötüb gedəcək, bəlkə, onların ürəklərini döyündürən səbəbsiz bir təlaşdı ki, gecənin bu zülmətindən doğub, bu zülmət ilə bərabər də əriyəcək.

Nəhayət, ovçu sanki bu ağır fikirlərindən azad olmaq istəyirmiş kimi yerindən qımıldandı:

– Gecə keçir, Pərican, gedək, anan evdə nigarandır.

– Bəs maral nə olsun, laçınım, yenə onu meşədə qoyub gedək?

Ovçudan cavab gəlmədi. Qız başını qaldırıb onun üzünü görmək istədi, lakin qaranlıqda nə ovçunun tutqun üzünü, nə də gözlərində kölgə salmış ağır düşüncələrini gördü.

Sükut içərisində evə qayıtdılar.

Əşrəf baba əlində qaraçıraq koma yanında onları qarşıladı. Çırağın qırmızı hisli işığında qoca onları küskün görüb gülümsədi.

Əşrəf baba bu gün çox tez durub sarı qaya tərəfə yola düşmüş, bildirdən[5 - Bildir – keçən il, ötən il, əvvəlki il] orada yerini bələdlədiyi yamaclardan yeralması adlandırdığı yumru köklər qazıb gətirmişdi. İndi ovçu ilə Pərini bikef görərkən, qoca gedib komadan həmin yeralmalarından ikisini gətirdi, hərəsinə bir dənə bağışlayıb dedi:

– Bunları yeyib yatın, onda elə bir yuxu görəcəksiniz ki, qüssəniz səhər dumanı kimi uçub dağılacaq.

Ovçu ilə Pəri bu almacıqları yedilər və dərhal yuxuya gedib ağ çiçəklərlə dolu fərəhli bir yuxu gördülər.

Səhər açılarkən gecə ürəklərindən asılmış o ağır və tutqun duyğulardan əsər belə qalmamışdı. Dərhal əl-ələ verib bir uşaq sevinci ilə ayağa qalxdılar. Yuxarılardan axıb gələn durnagözlü bir çeşmənin dupduru suyunda yuyundular. Ovçu suyun gətirdiyi bir dağ çiçəyini tutub Pəriyə verdi. Saçlarını darayan Pəri çiçəyi dişləri arasına aldı, ovçuya baxıb gülümsədi. Ovçu sevgilisinin bu çiçəkli təbəssümünü görərkən, öz bəxtiyarlığından özü qorxdu, sevinclə qabaran sinəsindən ixtiyarsız həzin bir fəğan qopdu.

Sonra tut ağacı altında, çəmən üstündə sərilmiş süfrə başında oturdular, bütün günü ovçu sevgilisini güldürür, Pəri isə bir körpə kimi o qədər ürəkdən gələn, qayğısız bir səmimiyyətlə gülürdü ki, bu gülüşlərdən məst olan ovçunun başı gicəllənirdi.

Axşamüstü onlar komalarının arxasındakı təpəyə qalxdılar. Orada oturub Yasamal dalına çəkilən günəşə, dumanlanan uzaq üfüqlərə, hardasa çox dinlənib yubanan, indi yuvalarına tələsən azğın düşmüş tənha quşlara tamaşa elədilər.

Sonra ovçu gözünü qaranlıqlaşan uzaqlardan çevirib, üzünü Pərinin saçlarında qərq elədi. Qızın dağ çiçəkləri kimi ətir saçan saçlarını qoxulayıb kirimişcə nəyə isə qulaq verdi.

Nəhəng dağlar, qalın meşələr dərin bir sükut içində donub durmuşdu.

Lakin bu sonsuz və möhtəşəm sükut özü sanki hansı tərəfdən gəldiyi bəlli olmayan, güclə gəlib yerə yetişən, varlığını eşitdirməkdən artıq hiss etdirən çox uzaq və qərib bir səsə qulaq verirdi. Elə bil ki, bu, milyon-milyon illər bundan əvvəl ulduzlardan o tayda məhv olub dağılmış bir dünyanın sonuncu fəryadı idi ki, indi gəlib bizə yetişir, sönən səsiylə kimi isə gecikmiş, əbəs bir köməyə çağırırdı.

Birdən uzaqlarda, meşə dalında dalbadal bir neçə güllə açıldı. Bu səsdən səksənən sükut şüşə kimi qırıldı, donub nəhəng dəvə karvanı kimi dayanmış qatar dağlarda boğuq bir vəlvələ qopdu. Səslər yalçın qayalarda partlayıb guruldadı, sonra qəlpələri bir uçqun kimi üzüaşağı, zülmət dolu dibsiz uçurumlara töküldü.

Pəri sıçrayıb ayağa qalxdı, əli ilə ürəyini tutaraq:

– Laçınım, – dedi, – bu, yəqin, arandan dağa qalxan ovçulardır…

Ovçu başını tərpətdi, dalğın halda uzaqlara baxaraq cavab verdi:

– Görünür, maral ovuna çıxıblar.

Bunu eşidən Pəri daha da həyəcanlandı, bir müddət meşəyə baxaraq qaldı. Sonra təpədən üzüaşağı, komalarına doğru yüyürdü.

Bir az sonra tövşüyə-tövşüyə, birnəfəsə təpə başına qalxaraq, əlində gətirdiyi tüfəngi ovçuya uzadıb:

– Gedək, laçınım, – dedi, – gedək, maralımızı mərdimazar ovçu gülləsindən qoruyaq.

Ovçu yerindən tərpənməyərək, heyrətlə Pərinin təlaş dolu gözlərinə baxdı.

– Oyan, laçınım, nə olub sənə, tez ol tərpən, yoxsa yubanıb özümüzü bədbəxt edərik.

Pəri irəli şığıyıb, ovçunu da dalısınca aşağıya doğru çəkdi: bir anda qızın həyəcanı ovçuya da sirayət elədi, hər ikisi təpədən enib meşəyə sarı yüyürdü. Meşəyə girərkən Pəri artıq qabağa düşüb bələdçilik eləməyə başladı.

İndi o dibsiz uçurumların üstündən asılmış yalçın qayaların böyrü ilə, bir adam güclə sığışan dik cığırlarla yuxarı qalxır, arxadan gələn ovçu isə qızın qopub yıxılmasından qorxaraq, öz ayağı altına baxmadan daban-dabana Pərinin izi ilə gedirdi. Xeyli yuxarı qalxdıqdan sonra ovçu nəfəsi qaralmış Pərinin qolundan tutub saxladı:

– Dayan, göyərçinim, dayan, nəfəsini dər, çox ola bilsin ki, güllələr aşağıda atıldı, əks-sədası yuxarıdan, qayalar dalından gəldi.

Pəri qaya divarına söykənib nəfəsini dərdi.

– Təki elə olaydı, laçınım, – dedi, – amma indi ki buracan gəlmişik, geri qayıtmayaq. Yuxarıda bir göl var. Bu vaxtlar maral ora su içməyə gedir. Qalxaq, onu salamat görüm, ürəyim rahat olsun.

İndi onlar ağır-ağır qalxır, dağ keçisi sürülərinin açdığı, eni bir qarış cığırları kəsifləşən alaqaranlıqda güclə seçirdilər. Bir yerdə Pəri cığırı itirərək dayandı, gözlərini qaldırıb göyə baxdı.

– Bir az gözləyək ay çıxsın, – dedi, – qaranlıqda cığırı tapa bilmirəm.

Yanaşı bir daş üstündə oturdular. Ay göy ətəyindən qalxıb buludlar içindən çıxaraq, ta qayalar başına gələnə qədər gözlədilər.

O zaman sanki dağlar, meşələr üzərinə gümüş tozundan narın bir yağış səpələndi. Yuxarıda dağ yalının üfüqü kəsdiyi cizgi üzərinə isə bir dəstə ağ ulduz qondu. Onlar bu ulduzları tuş tutub getdilər. Lakin ovçu ilə Pəri aşırım başına çatanda, ulduzlar ürkmüş ağ göyərçinlər kimi yal belindən qopub yuxarı qalxdılar, bir-bir göy qübbəsinə sancılıb, yenə öz doğma boşluqlarında göz qırpıb sayrışmağa başladılar.

Ovçu ilə Pəri ulduzlar qopan yaldan aşıb o taya keçdilər. Dayanmadan baş alıb gedən Pəri birdən ovçunu yanında görməyəndə, dönüb geri baxdı. Ovçu bir az yuxarıda hərəkətsiz dayanaraq, sanki yerində donub qalmışdı.

Qız tez onun yanına yüyürərək ovçunun qoluna toxundu.

– Niyə dayandın, laçınım, – dedi. – Budur ha, artıq çatmışıq…

Handan-hana dilə gələn ovçu əlini aşağıya doğru uzadaraq yavaşdan dedi:

– O nədir elə, Pərican? O büllur ayna kimi parıldayan nədir orda?

Pəri gülümsəyərək dönüb geri baxdı:

– Dediyim maral gölü odur, laçınım, dağların maralları oradan su içirlər.

Ovçu gözlərini gördüyü mənzərədən çəkə bilməyərək qızı köksünə sıxıb pıçıldadı:

– Yox, göyərçinim, o göl deyil, o, yuxudur, röyadır, bizə görsənir…

Gülümsər gözləri parıldayan Pəri altdan yuxarı ovçunun üzünə baxdı.

– Yaxına gedək, laçınım, – dedi. – Yaxın gedəndə o göl elə bil adamın üzünə gülür, uzaqlaşanda doluxsunur, elə bil ağlamaq istəyir.

Ay işığı düşmüş cığırla, yenə Pəri qabaqda, ovçu dalda üzüaşağı endilər. Hər ikisinin gözü irəlidə idi, elə bil əfsanəvi bir quşu ürküdüb uçurtmaqdan ehtiyat edərək, nəfəslərini belə çıxarmadan hərəkət edirdilər.

Bir az aşağıda isə yaşıl meşəli təpələr arasına sığınmış kiçik bir dağ gölü sınmış ayna kimi ay işığında bərq vururdu. Elə bil ulduzlar onun üzünə gümüş pərəkli bir duvaq salmış, başı üstündə yüksələn heybətli dağlar keşiyində dayanmış, sahilində cərgələnmiş şümşad qamətli ağaclar əsrlik tamaşasına durmuşdu. Başını sular üzərinə əymiş budaqlarda titrəşən yarpaqlardan isə sanki ehtiraslı bir inilti qopurdu. Ovçu xırdaca ləpələrin döydüyü böyük bir daşın böyrünə qısılıb, sehrlənmiş kimi yaxından gölə baxırdı. Yuxarıda həmin daş üstündə oturmuş Pəri isə əlləri ilə dizlərini qucaqlayıb başını sağ çiyninə söykəmişdi. İndi bir-birinin qarşısında dayanmış iki dağ gözəli bir-birinə tamaşa edirdi. Bunu hiss edən ovçu başını qaldırıb bir Pəriyə, bir gölə baxdı… Və birdən qızın, gölün, gecənin gözəlliyi bir dalğa kimi kükrəyib, bir uçqun kimi onun üstünə aşdı, ovçunun başı döndü, ovçu ixtiyarsız gözlərini yumub alnını yanındakı soyuq daşa söykədi.

Bu zaman gölün o biri tayından boğuq səs gəldi. Sonra meşəni yarıb çıxan bir maral ay işığında gölün o biri sahilində ucaldı.

Pəri diksinib ayağa sıçradı, sonra daş üstündən yerə atılıb suyun qırağına yüyürdü, yarı insan, yarı quş nəğməsini andıran qəribə səslərlə maralını haraylayıb çağırmağa başladı.

Pərinin çağırışını eşidən maral qarşı sahildən qopan bir daş kimi gölə düşdü və dərhal su üzərində iki gümüş qanad açılıb büküldü, sonra sanki sapı qırılmış boyunbağıdan dağılan incilər gölün aynası üzərində səpələnib diyirləndi. Bu zaman ulduzlar da göydən qopub aşağıya, gölə töküldü, xırdaca dalğaların belində əl-ələ verib yallı getdi.

Pəri dönüb ovçuya baxdı, bir uşaq kimi sevinib çığırdı:

– Laçınım, boyun qurbanı, yaxın gəl, bir bax, maralımız salamatdır, maralımız üzüb yanımıza gəlir.

Ovçu söykəndiyi daşdan qopub Pərinin yanına gəldi. Şaxlı-budaqlı buynuzlarını yuxarı qaldırıb, eyzən ulduzlardan çiçək açmış gölün sularında onlara doğru üzən maralı gördü. Maral sanki gümüş bir axını yararaq gəlir, fınxırdıqca burun pərələrindən sağa-sola mavimtraq qığılcımlar saçırdı. Bu zaman birdən gölün suları söndü, ulduzlar sıçrayıb yuxarı qalxdı, maral görünməz oldu, göl üzərində yalnız qara bir işıltı qaldı.

Pəri yenə oxuyub maralını çağırdı, lakin bu dəfə onun səsi qaranlıqda qüssə ilə titrədi, qız ovçuya qısılaraq, başını yuxarı qaldırıb pıçıldadı:

– Ay batdı, laçınım. Bu qara bulud haradan gəldi? Maral da, deyəsən, geri qayıtdı.

Ovçu qızın saçlarını oxşadı:

– Ürəyini sıxma, göyərçinim, özün gördün ki, maralın salamatdır. Amma ay çıxmasa, geri qayıdanda yolu tapmaq çətin olacaq. İstəyirsən gecəni burada qalaq?

– Qalaq, laçınım, qalaq, – deyə Pəri ehtirasla pıçıldadı. – Əgər alnımıza yazılıbsa, bu gecə ömrümüzün ən bəxtiyar gecəsi olsun!

Ovçu dərhal meşədən qucaq dolusu quru ot yığıb gətirdi, köməkləşib gölün hündür sahilində, ağ qovaq ağacları altında özlərinə yataq düzəltdilər. Ovçu qolunu qızın başı altında yastıq elədi, yorğun olduqlarından çox tez yuxuya getdilər.

Hardasa yaxında bir iydə ağacı çiçək açmışdı. Gecəyarısı iydə ağacı tərəfdən əsən həzin külək ara vermədən iydə çiçəklərinin tünd qoxusunu onların nəfəsinə verir, ovçu ilə Pəri isə sanki bu qoxudan yuxularında məst olaraq, yuxu içində qırıq nidalarla bir-birini səsləyirdilər.

Lakin gecənin bir aləmində ovçu qəfildən diksinib oyandı. Pəri yanında yox idi. Ovçu qalxıb yerində oturdu, ətrafına boylandı, zərif bir duman içində xumarlanan gölə baxdı, başı üstündə gecə şərqisi oxuyan qovaq yarpaqlarına qulaq verdi, küləyin gətirdiyi iydə çiçəklərinin ətrini tənəffüs etdi və ona elə gəldi ki, bütün bunlar bir az əvvəl gördüyü yuxunun davamıdır.

Lakin əgər bu, gördüyü yuxunun davamı isə, bəs Pəri harada idi? Axı yuxularında belə onun sevgilisindən ayrı düşdüyü bir dəqiqəsi olmamışdı…

Ovçu bir hənirti eşidərək, sıçrayıb ayağa qalxdı. Aşağı enib bir az irəlidə, ay işığı düşmüş meşə yanında maral ilə Pərinin qara kölgələrini gördü. Ovçu nə edəcəyini bilməyərək, bir an yerində hərəkətsiz qaldı. Nəfəsini udmuş bu lal gecə içərisində yalnız yarpaqların, bir də Pərinin səsi titrəyirdi. Qızın səsində sanki bir yalvarış vardı, maralın üz-gözünü oxşayaraq ona nə isə deyirdi.

Birdən ovçu geri dönüb yatağı yanında qoyduğu tüfəngin dalınca cumdu… Lakin iki addım atmamış yaxındakı bir ağacdan yapışdı, bütün iradəsini toplayaraq, güclə özünü dayanmağa məcbur etdi.

Ovçu sanki təngnəfəs olub boğulurdu. O, tüfəngini qapıb meşələrə cummaq, dağlara qaçmaq, bir ilan kimi ürəyini sancan zəhərli ağrının hovunu almaq üçün qarşısına çıxan nə varsa ovlamaq, mərdimazar bir ovçuya dönüb meşələrdəki ağaclara, dağlardakı göllərə, yol qırağındakı daşlara, dərələrdə çağlayan çaylara… rastına düşən hər bir şeyə…və dünyanın bütün marallarına bir güllə sıxmaq istədi. Buna görə idi ki, özünü zorla saxlayan ovçunun gözlərinə qan sağılmışdı, çiyninə bir dağ ağırlığı çökmüş kimi ağır-ağır nəfəs alırdı. Hələ bu dağlar… ta uşaqlığından onu çağırıb nə isə vəd edən, nəhayət, onu çəkib gətirərək vədini yerinə yetirən, bir anda ona dünya səadətini bəxş edən bu uzaq və əzəmətli dağlar belə indi birdən-birə onun gözlərində qaralmışdı.

Ovçu bir an gözlərini yumub başını ağacın gövdəsinə söykədi. Sonra gözlərini açıb sanki bir yuxu içərisindən dönüb geri baxarkən, tala qırağında maralın birdən diksinib geri sıçradığını, Pəridən üz çevirib meşəyə doğru qaçdığını gördü. Elə bil indi Pəri ondan çox uzaq bir nöqtədə, əl irişməz[6 - İrişmək – çatmaq, yetişmək], səs çatmaz bir məsafədə dayanmışdı.

Maral üz çevirib meşəyə qaçarkən, Pəri də dönüb geri baxdı, ovçunu ağaca söykənib dayanmış görərək, qız cəld ona sarı yüyürdü. Bir-birinə heç bir söz demədilər, quru otdan salınmış yataqları yanına gəldilər. Bir az əvvəl yorğun və xoşbəxt yuxuya getdikləri bir yataq indi onlara soyuq və narahat görünürdü. Bir-birinin yanında oturub göl qırağındakı daşlar kimi hərəkətsiz qaldılar. Sonra Pəri sanki canına işləyən amansız bir soyuqdan titrəyərək ovçuya qısıldı.

– Niyə dinmirsən, laçınım, – dedi, – yoxsa mən şirin yuxunu sənə haram elədim?

Ovçu Pərinin başını ovucları içərisinə alaraq, ay işığında diqqətlə onun gözlərinə baxdı. Qızın qorxu ilə alacalanmış gözlərini görərkən, ovçunun hirslə döyünən ürəyində sevgilisinə qarşı yenə sonsuz bir şəfqət oyandı:

– Niyə rəngin qaçıb, göyərçinim, niyə rahat olmursan, axı gözlərində yuva salan bu qorxu nədir?

– Ah, laçınım… heç özüm də bilmirəm, – deyə Pəri köksünü ötürüb inildədi.

– Yox, buna son qoymaq lazımdır, – deyə ovçu yenə boğazında düyünlənən hirsini uddu, – dağlarda sərgərdan gəzən o maral elə bil səni tilsimə salıb, fikrini-xəyalını əsir eləyib. Tufan qopan o gecədən sonra sən həmişə səksəkə içindəsən, gecələr çığırıb yuxudan ayılırsan…

Ovçu ağır-ağır nəfəs alıb bir an susdu. Sonra Pərinin başı üstündən hara isə baxaraq, batqın bir səslə dedi:

– Qoy o maral bu dağlardan çıxıb getsin… Qoy o bir daha nə sənin gözünə görünsün, nə mənim!

Pəri diksinib başını ovçunun sinəsindən qaldırdı:

– Yox, yox, laçınım, mən onu gözümdən irağa qoya bilmərəm. O mənim qismət maralımdır, səni buralara o gətirdi, məni xoşbəxt eləyən o oldu. Özü isə obadan didərgin düşdü, meşələrdə tək qaldı… Allah eləməsin, o mərdimazar bir ovçu gülləsinə tuş gəlsə, onda mən də ölərəm, laçınım…

Ovçu qulaqlarına inanmayaraq heyrət içində donub qaldı, yalnız dili dolaşa-dolaşa:

– Sən nə danışırsan, Pərican… Sən nə danışırsan… – deyə bildi.

Pəri bir an fikrə getdi, gözlərini ay işığında qaralan meşəyə tərəf zillədi, sonra sakit və həzin bir səslə dedi:

– Düz deyirəm, laçınım, o maralsız mən yaşaya bilmərəm.

Ovçunu sanki yeddi il susuz qalmış zəhərli bir ilan çaldı – nəfəsi qısıldı, rəngi qaraldı, gözləri geniş açıldı, sonra o, üzüqoylu quru ot üstünə düşüb qıvrıldı. İndi amansız bir ağrı onun sinəsini sökür, ürəyindən qopan fəğan içində boğulur, xudbin bir hiss qana susamış bir qartal caynağı ilə bütün varlığını didib dağıdırdı.

Ovçunun ağır sükutundan ürəyinə vahimə çökən Pəri titrək bir səslə:

– Səsini çıxar, laçınım, – dedi, – səsini çıxar, mən qorxuram.

Lakin ovçudan səs çıxmadı.

Pəri uşaq kimi onun böyrünə qısıldı, dərindən köksünü ötürdü, yalnız səhər üzü alaqaranlıqdan sıyrılan dağ təpələri ayazıyan göylərin dərinliyinə sancılarkən ağır bir yuxu qızın gözlərinə qara pərdə çəkdi.


* * *

Üç gün sonra axşama yaxın dağlardan qopan bir külək sakit və hərəkətsiz dayanmış ağacları yırğalayıb səsə gətirdi. Bir az sonra isə artıq bütün meşələr çalxanıb uğuldayan bir dənizi andırırdı.

Səhər evdən çıxan ovçu hələ də meşədən qayıtmamışdı. Pəri isə təlaş dolu gözlərini meşəyə tərəf dikərək, komalarının arxasındakı təpə üstündə oturub, ovçunun yolunu gözləyirdi.

Maral gölü kənarında keçirdikləri o səadətli və fəlakətli gecədən sonra artıq üç gün idi ki, ovçu evə qapanaraq ova getmək istəmirdi. Nəhayət, bu gün Pərinin ricasını yerə salmaq istəməyərək tüfəngini əlinə alarkən, dərhal ürəyini bir həyəcan çulğaladı, bir an tərəddüd etdi, nə isə elə bil ayaqları getmirdi, sonra birdən o, tələsik özünü komadan çölə atdı, adəti üzrə Pərini qolları arasına alıb xudahafizləşməyi belə unutdu.

İndi Pəri təpə üstündə oturub, ürəyini üzən bir intizar içərisində ovçunun yolunu gözləyir, bu gün meşədə çox yubandığı üçün fikrində gah onu məzəmmət edir, gah da öz məzəmmətlərinə özü etiraz edirdi.

– Yox, görünür, bu gün laçınımın ovda bəxti gətirməyib, – deyə qız öz-özünə fikirləşirdi, – yoxsa o, heç vaxt bu qədər meşədə yubanıb məni tək qoymazdı…

Günəşin odlu çevrəsi artıq tamamilə Yasamal dalına çəkilib batabatda idi. Növbəti bir külək hücumu qızın saçlarında ilişib qalmış axırıncı qızıl şüaları da söndürərkən, meşədən bir güllə səsi gəldi.

Pəri diksinərək dodaqları altında öz-özünə nə isə pıçıldayıb ayağa qalxdı. Atılan güllənin boşa çıxmayıb nəyə isə dəydiyini səsin batqın çıxdığından anladı. Ürəyinə daman uğursuz bir hissin həyəcanı içərisində o, artıq davam gətirməyərək, təpədən üzüaşağı meşəyə doğru yüyürməyə başladı. Pəri meşəyə yetişərkən, ovçu qalınlıqdan çıxıb tala içindən keçən cığırda göründü. Saçları dağılmış, rəngi qaçmış Pəri özünü ovçunun üstünə saldı. Ovçunun əlini və çantasını boş görərkən, qızın həyəcanı daha da artdı, nəfəsini güclə dərərək:

– Laçınım, laçınım, – dedi, – sənin ki, boşa çıxan güllən olmamışdı, bəs indi əlin niyə boşdur?

Ovçu nədənsə qızın gözlərinə baxa bilmədi, nə isə demək istədi, lakin deyə bilmədi, yalnız Pərinin başı üzərindən uzaqlara baxaraq susdu. Pəri artıq taqətdən düşdüyünü hiss edərək, var gücünü toplayıb, ovçunun qolundan tutaraq silkələdi:

– Niyə dinmirsən, laçınım? İndicə atdığın güllə də mi boşa çıxdı?

O zaman ovçu özünün hiss etmədiyi bir zalımlıq və ovçuluq qüruru ilə:

– Yox, – dedi, – güllə boşa çıxmadı… Ancaq ömrümdə birinci dəfədir ki, mən ovumu yaraladım, yıxa bilmədim.

Qız bütün cəsarətini toplayaraq:

– Axı ovun nə idi ki, laçınım, yıxa bilmədin? – deyərkən sanki ovçudan eşidəcəyi cavabdan qorxurmuş kimi bir addım geri çəkildi.

Gözləri hələ də uzaqlarda olan ovçu:

– Ovum dağlarda avara gəzən o maral idi, – dedi.

Pəri öz sualının cavabını eşitməmək üçün qulaqlarını tutmaq istədisə də, lakin artıq gec idi. Qızın sinəsindən qopan ah o qədər zəif oldu ki, bunu ovçu yox, yalnız yaxındakı otlar, çiçəklər eşidib titrədi. Sonra qızın dizlərinin heyi kəsildi, yıxılmamaq üçün ovçunun qoluna söykəndi, zəif bir səslə yalnız:

– Məni evə apar, laçınım, – dedi.

Yalnız bu zaman ovçu birdən səksənib sanki yuxudan ayıldı, yıxılmaqda olan Pərini qucaqlayıb qolları üstünə aldı. Yarıhuşsuz qızı gətirib yatağa uzadarkən başını itirib dəhşətə gəlmiş ovçu sevgilisini dəli öpüşlərə qərq edərək, qızdırmaya tutulmuş bir adam kimi sayıqlayırdı. Pəri azacıq özünə gələrkən qollarını qaldırıb üzərinə əyilmiş ovçunun boynunu qucaqladı. Ovçu isə başını qızın çiyninə söykəyərək:

– Pərican, Pərican, – deyə inildəyirdi. – Mən sənin xəyalını uğursuz bir qorxudan, ürəyini daimi bir səksəkədən, yuxularını qara vahimələrdən xilas etmək üçün o tilsimi qırmaq istədim… İndi sən rahat nəfəs alacaqsan, elim-günüm… İndi sən mənim, yalnız mənim, təkcə mənim, ancaq mənimsən, sevgilim!

Pərinin rəngi qaçmış dodaqlarında solğun bir təbəssüm oynadı. Qız ovçunun başını şəfqətlə sinəsinə sıxaraq:

– Ah, dəli laçınım, – dedi, – fələklərin gözü bizim xoşbəxtliyimizi götürmədi. Fələklər sənin ağlını çaşdırdılar, öz əlimizlə sinəmizə dağ çəkdilər… Yadındadırmı, laçınım, o gecə göl qırağında mən sənə nə dedim… Dedim ki, o marala güllə dəysə, mən də ölərəm… O, mənim doğru sözümdü, laçınım… Neçə ildi o maral mənim yuxumu qaçırmışdı, neçə ildi mən od ilə su arasında qalmışdım… Bir yandan çalışırdım ki, maralım el-obaya isinişib meşəyə getməsin, bir yandan da istəyirdim ki, yolunu gözlədiyimə rast gəlsin, onu dalınca salıb obaya gətirsin. Axırda o gün gəlib çatdı. Laçınım, o, səni dalınca salıb gətirdi… Amma tufan qopan gecədən sonra ürəyim yenə vahimə ilə doldu. Fikrim-zikrim onu ovçu gülləsindən qorumaq oldu… Axırda isə gör bəla haradan çovudu[7 - Çovumaq – cəld yönəlmək, cummaq] gəldi… Düz deyiblərmiş ki, sən saydığını say, gör fələk nə sayır. İndi əgər sən onu sevər yerindən yaralamısansa, mən də sağ qalmayacağam, laçınım… Bu əzəldən mənim alnıma yazılıb. Fal açan bir qarı bu barədə mənə xəbərdarlıq eləyib… Şamaxı zəlzələdən batan ili idi. Dəlisov bir qarı bizim obaları gəzib fal açırdı. O ili hamı falına baxdırırdı, laçınım, mən də on yumurta verib falıma baxdırdım.... Qarı əvvəlcə göz-qaşımı çox təriflədi, mən utandım. Başımı aşağı saldım, sonra dedi ki, qismətin bir ovçu olacaq, qızım. Onu bir maral gətirib sənə tuş edəcək. Amma gözdə-qulaqda ol, dedi, o qismət maralını ovçu gülləsindən qoru, əgər o, güllə yarasından yıxılsa, sən də ölüm yatağından qalxmayacaqsan…

Pəri bir an susdu, ovçunun boynunu qucaqlamış qolları açıldı, birnəfəsə dediklərindən yorulub gözləri yumuldu. Ovçu başını qaldırıb dəli bir ifadə almış gözləri ilə qıza baxdı, qurumuş dili söz tutub hərəkətə gəlmirdi. Eşitdiyi sözlərdən sanki onun nitqi batmışdı. Pəri yenə gözlərini açdı, komanın tavanına, hisli pərdələrə baxaraq pıçıldadı:

– Görünür, sən onu sevər yerindən vurmusan, laçınım… Gözümü yuman kimi ölüm quşu uçub üstümə gəldi.

O zaman ovçu:

– Yox, – deyə heybətli bir səslə çığırdı. – Yox, göyərçinim, bu, təsadüfdür, uğursuz, amansız bir təsadüfdür. Qalan nə varsa, hamısı yalandır, puç etiqaddır… İnanma fala, inanma caduya, inanma alın yazısına, inanma, elim-günüm, inanma, sevgilim, sən ölməyəcəksən!

Pərinin dodaqlarında yenə solğun bir təbəssüm oynadı, sonsuz bir məhəbbətlə ovçuya baxaraq dedi:

– Yox, laçınım, elə bil ürəyim şam kimi əriyir, görünür, o maral da indi hardasa taqətdən düşüb ayaq üstə dura bilmir… Əgər onu tapa bilsəydin, laçınım, yarasına məlhəm qoyub bağlasaydın… Kim bilir, bəlkə…

Dizi üstə yataq yanında yıxılıb qalmış ovçu artıq davam gətirməyərək sıçrayıb ayağa qalxdı. Dənizdə batan çör-çöpə sarılan kimi o da bütün ümidini bu ”kim bilir, bəlkə“yə bağlayaraq, başıaçıq, yaxasıaçıq özünü komadan çölə atıb meşəyə doğru yüyürdü.

Lakin qaranlıq meşə cığırlarında o, ölümcül yaraladığı heyvanın qanlı izlərini tapa bilmirdi. Ovçu özünü xeyli dağa-daşa vurduqdan sonra, nəhayət, bir sövq-təbii ilə maral gölünə tərəf yönəldi. Təxminində yanılmamışdı. Maral göl qırağında, suya yaxın yerdə yıxılmışdı, lakin qanlı dodaqlarını suya çatdıra bilməmişdi. Ovçu onun yanında oturdu, maralın başını qaldırıb dizləri üstə qoydu, əyilib göldən ovuclarını dolduraraq yaralı heyvana su içirtdi, sonra yaxasını cırıb maralın yarasını sarıdı. Can verən maral ovçusuna baxdı. Heyvanın gözlərində qara bir işıltı oynadı, sonra bütün bədənindən ani bir titrəyiş keçdi. Ovçu isə lal bir sükut içində marala yalvarırdı. Yalvarırdı ki, heyvan ayağa qalxıb onunla bərabər obaya getsin, Pəri qapı ağzına çıxıb maralını salamat görsün, o zaman… O zaman sevgilisini bu dağlardan, bu qismət marallarından, fal açanlardan, cadulardan, bütün bu mövhum qara kölgələr içindən götürüb yeni işıqlar vəd edən uzaq üfüqlərə doğru qaçardı…

Birdən ovçu diksindi. Maralın şüşəyə dönmüş gözlərində uzaq ulduzların ölgün işıqları titrəyirdi. Möcüzə baş verməmişdi, maral artıq nəfəs almırdı.

Ovçu ayağa qalxdı, tüfəngini çiynindən çıxarıb gölə atdı. Artıq ovçuluq qurtarmışdı, öz ehtirasının əqrəbi dönüb özünü çalmışdı. Son güllə ilə yıxdığı son ov – indi öz səadəti idi.


* * *

Ovçu obaya qayıdarkən gecəyarıdan xeyli keçmişdi. Yarıqaranlıq komada isə Pərinin başı üstündə bir şam yanırdı, bir ana. Ovçu içəri girərkən ana durub getdi. Pəri isə gözlərini açıb bir müddət dumanlı baxışlarla qapı ağzında dayanmış ovçuya baxdı. Əvvəlcə qız onu tanıya bilmədi, sonra birdən tanıyarkən yerindən sıçrayaraq çağırdı:

– Laçınım, bu nə haldır, sənin başın ağarıb. Laçınım, kor olsun Pərin, sənin başına bəla gətirdim.

Ovçu Pərinin yatağı yanına yıxılıb qızın dizlərinə qapandı:

– Bir yox, min bəla gəlsin başıma, sevgilim, – dedi. – Təki sən ayağa qalx, göyərçinim, təki sən ayağa qalx!..

Pəri çiyinləri titrəyən ovçunun başını dizi üstündən qaldıraraq qolları arasına aldı, bir müddət susdu, gözləri yol çəkdi, sonra qız həzin bir səslə oxudu:

Göydə göyərçin ağlar,
Yuvada laçın ağlar.
Sən yadıma düşəndə
Başımda saçım ağlar.

Ovçu başını qaldırdı, şamın titrək işığında sevgilisinin gözlərinə baxdı. Pəri ovçunun baxışlarına davam gətirməyərək var qüvvəsilə onu bağrına basdı:

– Yox, elə baxma, elim-günüm, bütün marallar, bütün pərilər sənə qurban! Neyləyək, qismətimiz bu imiş… Get, laçınım, daha bu yerlərdə qalma… Qayıt öz elinə, qayıt öz obana, orada səni gözləyənlərin gözünü yolda qoyma… Elə bu gecə, laçınım, bu gecə baş alıb get, bəlkə, o uzun yollarda qəmin dağıla…

Qızın ovçunu qucaqlamış qolları sustalıb açıldı, boynu vurulmuş bir quş kimi yana əyildi, başı yastıq üzərinə düşdü. O zaman komada ovçunun qulaqlarını batıran bir sükut cingildədi. Sevgilisinin əbədi olaraq bu sükuta qərq olduğunu görən ovçu fəryad edərkən, nəfəsi vurub şamı söndürdü. Ovçu ocağı sönmüş komasında dəhşətli bir qaranlıq ilə üz-üzə qaldı.


* * *

Pərini torpağa təslim edəndən sonra bütün oba, on dörd koma ovçunu da laləli dərənin kənarına qədər ötürdü. Əşrəf baba ovçunun başı üstündən dumana bürünmüş uzaqlara baxaraq dedi:

– Bu cığırları düz tutub gedərsən, ovçu, o, səni arana, gəldiyin yerə aparar… Get, ovçu, sənin ucbatından dağlarımız maralsız, obamız pərisiz qaldı, amma biz sənə qarğış eləmirik. Görünür, bəxtin çox qara imiş, bir gecədə öz başın ağardı.

Ovçu yola düzəldi.

O yalnız bircə dəfə dönüb geriyə, tərk edib getdiyi diyara baxdı. Tutulub qaralmış meşələr, qaşları çatılmış uca dağlar ağır bir sükut içində onu yola salırdı.

Sonra o, bir dəfə də olsa dönüb geriyə baxmadı. Dağlardan enən cığırlardan, düzənlərdə uzanan yollardan sanki bir yuxu içərisində keçib gedirdi. Nə açılan səhərləri, nə də qaralan axşamları bir-birindən ayıra bilirdi. Nə qədər keçəndən sonra yaşadığı yerlərə gəlib çıxdığının, nə vaxt doğma bir evin qapısını döydüyünün fərqinə varmadı.

Qapını açan anası oğlunu görərkən qışqırıb özünü onun üstünə saldı:

– Qabağında ölüm, oğul, – dedi, – sən ki ova getmişdin, bu başın harada ağardı?

Anasının qolları arasında birdən-birə ölümcül bir yorğunluq duyan ovçu qeyri-ixtiyari gözlərini yumaraq:

– Uzaqlarda, anacan, – dedi, – uzaqlarda… Əfsanəli dağlarda.


* * *

O zamandan ovçu qapanıb evində qaldı. Bir-birini təqib edərək ehtirasla onu çağıran ov mövsümlərinə qarşı artıq biganə idi. Günləri fikir-xəyal içində keçirdi, gözləri divardakı solğun bir kölgəyə, bir vaxtlar tüfəngini asdığı, indisə boş qalan yerə sataşanda diksinirdi, gəlib saatlarla pəncərə ağzında otururdu, səhər alaqaranlığında evinin yanından ötüb uzaqlaşan çiyni ov tüfəngli kölgələr arxasınca zillənən gözləri yol çəkirdi.

Səhər və axşamlar növbə ilə onun pəncərəsindən ağ və qara pərdələr asır, lakin ovçu bunun fərqinə varmır, həyatı sürükləyib aparan zamanın qoşa dalğaları – nə gündüz, nə də gecə onu bağlanıb qaldığı bir nöqtədən, keçmişin xatirə sahilindən qopara bilirdi.

Lakin nə zaman ki tufan qopardı, nə zaman ki göydə qara buludlar çaxnaşardı, qalın meşələrdə ağacların təpələri qaynayardı, dağlardan boğuq bir uğultu qopardı, o zaman ovçunun da ürəyi kükrəyən bir dəniz kimi təlatümə gələrdi.

O amansız bir təlaş, tutqun bir həyəcan içərisində nəyə isə qulaq verərdi. Bütün bu gurultu və vıyıltılar içərisindən ovçunu başqa bir səs çağırardı.

Bu səs sanki uzaqlardan, maralsız qalmış dağlardan, pərisiz qalmış obalardan qopub gələr, dumandan onu haraylardı.

Bu zaman ovçu çiyinlərini əzən dağ ağırlığını aşırmaq üçün çırpınar, baş alıb hara isə qaçmaq ehtiyacı duyar, yenə uzaq dağların başına qalxıb günəşin doğmasını, üfüqlərin geniş çevrəsini, meşələrin qaynayıb dalğalanmasını görmək istərdi.

Nəhayət, bir gün ovçu qətiyyəti ilə ayağa qalxdı, cəld evdən çıxıb harasa getdi, yalnız axşamüstü qayıdaraq, özü ilə bərabər bir yığın kitab gətirdi. Sonra atadanqalma naxışlı, köhnə xurcunu tapıb, hər iki gözünü gətirdiyi kitablarla doldurdu.

İçəri girən anası oğlunun harasa getməyə hazırlandığını görüb təlaşa düşdü:

– Yenə səfərin haradır, oğul? – dedi.

Ovçu başını qaldıraraq:

– Uzaqlara, anacan, – dedi, – uzaqlara… Əfsanəli dağlara. Orada kitab yoxdur, mən oraya kitab aparmalıyam. Mövhumat cəngəlində məhv olan sevgilimin intiqamını almalıyam. Orada mövhum kölgələrə, batil etiqadlara atdığım güllə qayıdıb öz ürəyimə dəydi. Sonra ayıldım, şəxsi fəlakət mənim üçün müəllim oldu. İndi bu kitablardır mənim silahım, indi işıq saçan bu silahla mən əbədi olaraq qaranlığa qarşı vuruşacağam.



    1939




AYRILDILAR…


Yan yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cağıltısı eşidilirdi.

Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.

Bir dəfə elə oldu ki, bir-birinə sarılıb ayaq üstündə duruş gətirdilər və bu dəfə elə ki, üzləri bir-birinə çox yaxın oldu, gözləri qaranlıq gətirdi, nəfəsləri qısıldı və tezləşdi, o saat sanki görünməz bir əl arxadan dartdı, hər ikisini bir-birindən ayırdı.

Sonra yalnız əlləri bir-birindən üzülmək istəmədi və əlləri bir-birinin əlində gəldilər, Beşbulaq dərəsinin kənarına çıxdılar.

Buradan aşağıya, dərə dibinə enən dolama araba yolu sağdakı yastı təpələr arasından çıxırdı, güney tala göyşənləri içərisindən keçirdi, sonra Beşbulaq dərəsi dibindən yuxarı dırmaşırdı və yoxuş başında, təpə üstündə yerləşən kiçik bir dağ kəndinə qalxırdı.

Adilə başıyla sol tərəfə işarə elədi, fıstıq ağacları altındakı üstü çox hamar böyük bir daşı göstərdi. İlyas cəld irəli keçdi, pencəyini çıxardıb daşın üstünə sərdi. Adilə daş üstündə oturdu, əllərini saçlarına çəkdi. İlyas arxadan əyildi, qızın saçları arasında ilişib qalmış xırdaca, quru yarpaq qırıntılarını təmizlədi. Adilə başını qaldırıb aşağıdan yuxarı İlyasa baxıb gülümsədi:

– Oturaq, – dedi, – bir az burda… Bu gün çox yuxarı qalxdıq.

– Amma yol hələ yarı olmamışdı, geri qayıtdıq…

– Uzaqdan baxanda o dağ başı mənə çox yaxın göründü, yaxşı ki, tez başa düşdüm ki, nə qədər gec deyil qayıtmaq lazımdır.

– Əgər bircə dəfə qalxsaydın o ucalığa, ordan gördüyünü heç vaxt unutmazdın!

– Qocaman və yalqız bir ağac? Və başına o qədər ildırım düşüb ki, qara bir skelet kimi qalıb?

– Elədir, ağac skeletdir və hər səhər, hər axşam çox qocalmış bir cüt qartal o ağacın qara budaqlarına qonub, qüssəli gözləri ilə çox uzaqlara baxırlar…

– Bizi görəndə üstümüzə şığımazdılar?

– Qartallar təyyarələri görəndə dəli olurlar və təyyarələrin üstünə cumub məhv olurlar.

Ayaqları altında – dərə dibində qaynayan bir bulağın suyu dəmir lülədən içi yonulmuş uzunsov daş içərisinə tökülürdü, oradan da daşaraq dərədə şırıldayan kiçik bir çayın sularına qovuşurdu. Qarşıda yoxuş başındakı dağ kəndinin əyri-üyrü küçələrində, qaratikan kolundan vurulmuş qara çəpərlər arasında kənd uşaqları oynaşırdı və kənddən o tərəfdə meşəli düzənlər qaralırdı, sonra torpağın birdən kükrəyib yuxarı qalxdığı yerdə, bu mənzərəni bir-birinin ardınca qat-qat nəhəng divarlar kimi göyə yüksələn sıra dağlar tamamlayırdı.

Adilə yenə başını qaldırdı, İlyasa baxdı:

– Niyə oturmursan?

– Gəzək, bu gün çox gəzək, bir az dincini al, baş alıb gedək.

– Yox, əyləş burda söhbət eləyək. Bu axı, bizim sirr daşımızdır.

– Qoy bu gün istirahət eləsin. İki aydır, biz danışırıq, o qulaq asır…

Adilənin üzündən bir kölgə keçdi, əli ilə daşı oxşadı:

– Eşitdin, sirr daşı, səbir daşı? Sənə ürəyi yanan varmış burda…

İlyas arxadan əyildi, üzünü qızın saçlarına toxundurdu:

– Səni gördüyüm o gün – dedi, – bu daş, bu torpaq, o su – hamısı dil açdı… və nağıl başlandı… Adilə əllərini qaldırdı, arxasında dayanmış İlyasın boynu ardında daraqladı, bir an gözlərini yumdu, gülümsər bir yuxuya getdi, sonra sanki ayıldı, qollarını açdı və dedi:

– Nahara bir saat qalıb, otur, bu gün səndən çox şey soruşacağam. Çünki mamamın, papamın sənə yeni sualları var.

– Məgər iki aydan bəri hər gün verdiyim cavablar atanı və ananı qane salmadımı?

– Qəti qərara gəlmək üçün onlar sənin haqqında çox şey bilməlidirlər.

– Özüm haqqında danışa-danışa mən axırda sayıqlaya bilərəm.

– O balaca kəndin böyük gələcəyindən danışanda da mən darıxıram.

– Doğulduğum kənddir. Gərək bu zəif damarımı mənə bağışlayasan.

– Bağışlayıram, bu şərtlə ki, öz gələcəyindən, bizim gələcəyimizdən danışasan.

– O barədə bir dəfə danışdım, sən qulaq asmadın.

– Çünki gətirib axırda taleyimizi o kənd ilə bağladın. Mən isə şəhər qızıyam, işıqlı şəhər gecələrinin vurğunuyam, işıqsız kənd gecələrini sevə bilmirəm.

– Uzaq bir çay üstündə böyük elektrostansiya tikiləcək. Onda bu kənd gecələri də işıqlı olacaq və darıxma, bir həftədən sonra şəhərdə olacağıq.

– Burada sənə rast gəlməsəydim, darıxacaqdım. Bura da mamam gətirdi bizi, dedi bu yay kəndə gedək, həm ziyarət olsun, həm ticarət.

– O nə deməkdir?

– Yayı kəndə gedəndə atam kənddəki xəstələri müalicə eləyir, buradan qayıdanda mama şəhərdə təzə mənzilimizə təzə mebel alacaq.

İlyas dərənin o tayına baxdı. Orda artıq günəşin şüaları ağacların yarpaqlarında sarı bir alovla yanırdı. Və yoxuş başında, dikdir üstündə bir atlı dayanmışdı. Atlı başını dik tutaraq, uzaq dağlara sarı baxırdı, at isə qabaq ayağını qaldırıb səbirsizliklə torpağı döyəcləyirdi. Adilə aşağı əyildi, boz daş altından yaşıl fəvvarə kimi fışqıran bir çəngə ot içindən birini qırdı. Sonra başını qaldırdı və soruşdu:

– Mamam deyirdi ki, institutu qurtaranda o, şəhərdə mənzil ala biləcəkmi? Papam da dedi ki, indidən çalışsa, beş il sonra institutu qurtaranda ona növbə çatar.

– Nə üçün onlar elə güman eləyir ki, institutu qurtaranda mən şəhərdə qalacağam?

– Bəs hara gedəcəksən?

– Burdakı uşaqlara da dərs deyən lazımdır.

– Lazımdır, amma… axı mən şəhərdə, sən burda…

– Burdakı xəstələri də müalicə eləyən əllər lazımdır.

– Medinstitutu qurtaranda məni bura həkim göndərsələr, mamam özünü öldürər.

– Özümü öldürrəm deyənlər özünü öldürmürlər.

– Şəhərdə beşotaqlı mənzilimiz var, mamam deyir, üç otağın yatırı[8 - Yatır – qiymətli şeylər, var-dövlət] – mebeli, xalıları, ağ royalı sənin cehizindir.

– Gələcəyin sevinci sənin cehizin olmalıdır.

– Elədir, amma şəhərdəki rahatlıq yaxşı döşənmiş geniş mənzillərə bağlıdır.

– Bəzən həddindən artıq rahatlıq ürəyi narahat edir.

– Hər halda kənddən şəhərə gedənlər bir də geriyə, o torpaq daxmalara qayıtmır. Sənin şəhərdəki qohumların…

– Mənim şəhərdə bir nəfər qohumum var.

– Bir nəfər olsun, geri qayıdıb?

– Yox.

– Nə üçün?

– Taleyi şəhərə bağlanıb.

– Kimdir o? Sən onun haqqında mənə danışmamısan.

– Dayımdır və hələlik təkcə onun haqqında danışmağa macal tapmamışam.

– Mamam deyir, onun ”Kommunist“ küçəsində gözəl mənzili var, deyir bir ər-bir arvad yaşayırlar, nə əcəb bacısı oğlu şəhərdə onların yanında qalmır?!

– Tələbə yataqxanasında yaşamaq mənim üçün daha xoşdur.

– Papam da deyirdi ki, o, məsul vəzifədə işləyir.

– Maman və papan mənə aid nə varsa məndən yaxşı bilirlər.

– Nə olar, mən onların yeganə övladıyam, papam deyir ki, adamları yoxlamaq lazımdır.

– Elədir, amma komsomola girəndə məni bu qədər yoxlamamışdılar.

– Bunu ona özün deyərsən – çünki bu axşam bizdə qonaqsan. Papam dedi ki, çağır onu axşam bizə gəlsin, özü danışacaq səninlə.

– Yaxşı olar, birdəfəlik nə lazımdırsa qoy özləri soruşsun!

– Amma yenə elə suallar ortaya çıxacaq ki, onlar mənim vasitəmlə səndən soruşacaqlar. Hara baxırsan?

– Göyə, buludlar altındakı o iki qara nöqtəyə.

Adilə də başını geri atdı, göyə baxdı.

Göyün dərinliyində ağ buludlar altında süzən iki dağ qartalı aşağıdan iki qara nöqtə kimi görünürdü.

– Kiş, kiş, qırılmışlar! – deyə Adilə əyildi, yerdən fındıq boyda bir daş götürdü və göyə, qartallara doğru tolazlamaq istədi.

İlyas qızın biləyindən tutdu:

– Atma, qorxub qaçdılar.

Adilə başını çevirib altdan yuxarı İlyasın gözlərinə baxdı. İlyasın gözlərində fərəhli işıqlar oynayırdı, Adilə də gülümsədi:

– Mən axmaqlıq eləyəndə elə bil sən dirilirsən.

– Sən öz hərəkətlərində və öz sözlərində gözəlsən!

Bu zaman qarşıdakı yoxuş başında dayanmış at kişnədi, sürəkli, əsəbi və yanıqlı bir səslə kişnədi. İlyas diksinən kimi oldu. Dönüb ona baxan Adilə soruşdu:

– Niyə elə hey o atlıya baxırsan?

– O at da, o atlı da kimi isə gözləyirlər. Amma kimin atıdır, atlı kimdir – burdan tanıya bilmirəm.

– Nəyinə lazımdır? Nə üçün maraqlanırsan?

– Heç…

– Onda qulaq as, nahara yarım saat qalıb, mamam deyirdi ki, nə üçün o, səni həmişə gündüzlər gəzməyə aparır, nə üçün aylı gecələr dalınca gəlmir?

– Nə aylı, nə aysız gecələrdə mənim anam məni gəzməyə buraxmır.

– Hələ də ana uşağısan, yoxsa kişi?

– Bir az ondanam, bir az bundan.

– Gecələr anan səni evdə saxlayıb neyləyir ki?

– Başımı dizi üstə qoyub gah layla çalır mənə, gah nağıl deyir.

– Sən onun sonbeşiyisən?

– Yox, məndən kiçik bacılarım, məndən böyük qardaşım var. Demişdim sənə yadından çıxıb.

– Onda nə üçün anan səni belə əzizləyir?

– O biri uşaqları yanındadırlar, kolxozda işləyirlər. Şəhərdə oxuyan tək mənəm. Deyir axırıncı dəfədir səni görürəm, ya mən öləcəyəm, ya sən bir də bu kəndə qayıtmayacaqsan. Bilmirəm, bəlkə, xəstədir, bizim analar xəstə olanda demirlər.

– Yox, xəstə deyil, səhər mən ona rast gəldim.

İlyas cəld başını çevirib Adiləyə baxdı:

– Harda? Nə cür onu tanıdın?

– Bura səninlə görüşə gəlirdim. Sizin evin yanından keçəndə, arxadan bir səs məni çağırdı: a qızım, bir dayan! Dönüb geri baxdım. Doqqazdan çıxan bir arvad mənə doğru gəlirdi. Yaxınlaşdı, hər iki əlini çiyinlərimə qoydu, “qoy bir az sənə baxım, qızım”, – dedi. Dərhal hiss elədim ki, sənin anandır. Çaşdım, qızardım, özümü itirdim, deməyə söz tapmadım.

– Bəs o?

– Bir az üzümə baxandan sonra dedi ki, ”get, qızım, səni yoldan elədim”.

Yenə bir an hər ikisi susdu.

Bu vaxt yoxuş başındakı o at yenə kişnədi və bu dəfə kişnərtisində elə ehtiraslı bir çağırış vardı ki, İlyasın gözləri yol çəkdi:

– Elə bil Tərlandır, o da belə səs salardı bu dağlara…

– Tərlan? – deyə Adilə maraqlandı, – kimdir ki o? Tanıdın burdan ora, o atlını?

İlyas qızın sualını başa düşmədi, döndü qıza baxa-baxa qaldı və indi gözlərində elə bir dalğınlıq və uzaqlıq vardı ki, Adilə nə isə bir cür oldu; sonra başını aşağı salıb sualını təkrar edərkən, qızın səsində artıq əsəbi bir titrəyiş vardı:

– Kimdir axı o Tərlan dediyin?

– Almagözlü, qız birçəkli, iti yerişli bir qaçağan idi. Və o gün… əlim ondan üzüldüyü o gün – mənim də ilk gəncliyim qurtardı.

– Sənin atın idi, papan bağışlamışdı?

– Yox, dədəm bizə, öz uşaqlarına heç bir şey bağışlamazdı. Amma dəridən-qabıqdan çıxardı ki, axşam uşaqları ac yatmasın. O öləndə mənim altı yaşım olardı. Ondan sonra bizi dayım saxladı. Tərlan da dayımın atı idi, amma mənim ucbatımdan o möcüzə məhv oldu.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/enver-mamedhanly-31291013/hekay-l-r-68289394/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Abqora – qoradan hazırlanan turşu




2


Qora – üzümün dəyməmişi, kalı




3


Haxlasın – haqlasın: yüyürüb çatmaq, dalınca qaçıb yaxalamaq




4


Vaz atmaq – hoppanmaq, sıçramaq, atılıb-düşmək




5


Bildir – keçən il, ötən il, əvvəlki il




6


İrişmək – çatmaq, yetişmək




7


Çovumaq – cəld yönəlmək, cummaq




8


Yatır – qiymətli şeylər, var-dövlət



Ənvər Məmmədxanlının bu kitabdakı hekayələri özünəməxsus üslubu, obrazların və hadisələrin lirik-romantik təsviri, qəhrəmanların ecazkar daxili dünyası ilə oxucu qəlbini riqqətə gətirir.

Как скачать книгу - "Hekayələr" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Hekayələr" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Hekayələr", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Hekayələr»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Hekayələr" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги серии

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *