Книга - Taun

a
A

Taun
Alber Kamyu


Dünya ədəbiyyatından seçmələr
Bu romanda Oran adlı şəhərdə qəfil başlayan taun epidemiyası zamanı yaşanan hadisələrin fonunda insanların həyatla ölüm arasında qalarkən keçirdiyi hissləri, həyəcanları ustalıqla qələmə alıb.





Alber Kamü

TAUN





1


Kitabda yazılan qəribə əhvalatlar 194…-cı ildə Oran şəhərində baş verib. Bu yerlərdə belə bir hadisə görünmədiyindən, bəla hamını qəfil yaxalamışdı. Bu şəhər Əlcəzairin dəniz sahilində yerləşsə də, fransızların nəzarətində idi.

Şəhər heç nə ilə göz oxşamırdı. Onu başqa ticarət şəhərlərindən fərqləndirən cəhətlər çətin gözə dəyirdi. Deyin görüm, göyərçinsiz, ağacsız, qanad çırpıntısı, yarpaq xışıltısı eşidilməyən bir şəhəri sizə necə təsvir eləyim? Götürək fəsillərin dəyişməsini: baharın gəlişi havanın ətrindən və tacirlərin əyalətdən gətirib satdıqları gül dəstələrindən duyulur. Yayda istidən dam örtüyü qızmış evlər od tutub yanır. Qapı-pəncərəni bağlayıb evdə gizlənməli olursan. Payızda isə leysandan sonra hər yan palçığa dönür. Vur-tut qış gələndə mülayim günlər başlayır.

Bir şəhəri tanımaq üçün əvvəlcə orada adamların necə işlədiyini, necə sevdiyini və necə öldüyünü öyrənmək lazımdır. Bizim bu balaca şəhərdə isə sadaladıqlarımın hamısı elə iqlimin özü kimi qarışıq və cansıxıcıdır. Burada adam darıxır və başını necəsə qatmağa çalışır. Bizim şəhər camaatı çox işləyir; özü də varlanmaq üçün işləyir. Əsasən, ticarətlə məşğul olurlar. Amma kiçik əyləncələri də yaddan çıxarmırlar: kinoya gedir, dənizdə çimirlər. Belə əyləncələri, təbii olaraq, şənbə-bazar günlərinə saxlayır, həftənin qalan günlərini isə pul qazanmağa çalışırlar. Axşamlar işdən çıxanda vədələşib kafelərdə görüşür, bulvarda gəzişir, yaxud da öz eyvanlarında otururlar.

Mənə etiraz eləyə bilərlər ki, bu cəhətlər ancaq bizim şəhərə aid deyil, elə hər yerdə belə yaşayırlar. Doğrudur, adamların bütün gününü, yaxud işdən sonrakı vaxtını əyləncə yerlərinə pul tökməyə, boşboğazlıq etməyə sərf etmələri adi haldır. Amma elə şəhərlər və ölkələr də var ki, oranın camaatı hərdən başqa işlər haqqında da fikirləşirlər.

Bizim şəhərin ən maraqlı cəhəti burada ölümün də çətinliklə başa gəlməyidir. Əslində, bu çətinliyi «narahatlıq» adlandırmaq daha düzgün olar. Xəstəliyi heç kim xoşlamır və hamı xəstəlikdən qorxur. Amma elə şəhərlər, ölkələr var ki, orada xəstələrə xüsusi qayğı göstərirlər. Belə yerdə rahatca ölə də bilərsən. Xəstəyə qayğı göstərilməsi təbii haldır. Oranda isə iqlimə, iş-gücə, göz oxşamayan mənzərələrə, axşamın tez düşməsinə və yorucu, darıxdırıcı əyləncələrə dözə bilmək üçün sağlam can gərəkdir. Burada xəstə köməksiz qalır. Belə cansıxıcı yerdə can verən hər kəs ölümün necə əziyyətli olduğunu daha aydın duyur.

Sadaladığım cəhətlər, bəlkə də, şəhərimiz haqqında müəyyən təsəvvür yaradır. Geniş təsəvvür yaratmağa ehtiyac yoxdur. Əsas məqsəd şəhərin yöndəmsiz görkəmini və əhalinin darıxdırıcı həyatını nəzərə çatdırmaq idi. Adam müəyyən bir həyat tərzinə adət eləyəndə yaşamaq da onun üçün yüngülləşir. Gözəlliyi, yaşıllığı olmayan bu şəhərə də adam əvvəl-axır adət edir və burada ilişib qalır. Onu da demək lazımdır ki, şəhər təpələrin əhatə etdiyi boş bir düzənlikdə, arxası dənizə salınıb. Dənizi görmək üçün gərək dəniz kənarına gedəsən.

Bu ilin yazında baş verən əhvalatlar, daha sonra şəhəri bürüyəcək və bizim nəql edəcəyimiz bədbəxtliklər heç kəsin ağlına belə gəlməzdi. Həmin əhvalatlar bəzilərinə təbii, bəzilərinə isə ağlasığmaz görünəcək. Amma salnaməçi gərək bu cür fikirlərə əhəmiyyət verməsin. Onun borcu odur ki, hər şeyi olduğu kimi yazsın.

Bu əhvalatı danışan adamın kimliyini vaxt gələndə öyrənəcəksiniz. Onun belə bir əhvalatda iştirakı da şərtidir. Təsadüf onu hadisənin iştirakçıları ilə görüşdürüb, şahidlərin söylədiklərindən qeydlər götürüb və sonradan bu əhvalatı qələmə almağa girişib.

Deyəsən, giriş sözü uzun çəkdi. Əhvalatı danışmağa başlamaq lazımdır.




2


Aprelin 16-da səhər həkim Bernar Ryö otağından çıxanda qapının ağzında bir siçovul ölüsü gördü. O, çəkinmədən ayağı ilə siçovulu kənara itələyib, pilləkənlə aşağı endi. Amma küçəyə çıxanda qapısı ağzında siçovul görməsi ona təəccüblü göründü, odur ki dalandarı xəbərdar etmək üçün geri döndü. Dalandar – qoca Mişel siçovul ölüsü haqqında eşidəndə dəhşətə gəldi. Onun fikri qəti idi: evdə siçovul yoxdur, vəssalam. Yəqin, həmin siçovulu çöldən gətiriblər. Bir sözlə, kimsə zarafat edib.








Elə həmin axşam Bernar Ryö binanın girişində iri bir siçovul gördü. Heyvan az qala yanpörtü yeriyirdi. Sonra dayandı, müvazinətini düzəltmək istədi, yenə irəlilədi, sonra yerində fırlandı, astaca civildəyib yıxıldı və burun dəliklərindən qan açıldı. Həkim bir az ona tamaşa edib, öz mənzilinə qalxdı. Heyvanın burnundan qan fışqırması Bernar Ryönün fikrini qarışdırdı.

Həkimin arvadı bir il olardı xəstə idi. Ertəsi gün onu dağa, sanatoriyaya yola salacaqdı. İçəri girəndə gördü ki, arvadı onun tapşırığına əməl edərək çarpayıda uzanıb. Belə istirahətdən sonra sabahkı yolun yorğunluğu qadını çox da üzməzdi.

– Çalış, bir az yuxula, – həkim dedi. – Şəfqət bacısı saat on birdə gələcək, sizi saat on iki qatarı ilə yola salaram.

Ertəsi gün aprelin 17-si səhər saat səkkizdə dalandar həkimin yolunu kəsib şikayətləndi ki, kimsə yenə şit zarafat edib, girəcəyə üç siçovul ölüsü atıb. Özü də siçovullar al qanın içindədir və yəqin ki, onları iri dişli tələ ilə tutublar. Dalandar ölü siçovulları əlində sallayıb, qapı ağzında durmuşdu ki, bəlkə, qonşulardan kimsə şit zarafatını necəsə büruzə verdi.

– Eybi yox, əvvəl-axır əlimə keçəcəklər, – dalandar donquldandı.

Əhvalata marağı artmış Ryö bugünkü işinə ən kasıb məhəllələrdən başlamağı qərara aldı. Belə məhəllələrdə həyətlərin zibili daha gec daşınır, tozlu küçələrin səkiləri boyu düzülmüş zibil yeşikləri gün qalxana qədər dolu qalırdı. Keçdiyi küçələrdən birində həkim tərəvəz tullantılarının, çirkli əsgilərin arasında on ikiyə yaxın siçovul ölüsü gördü.

Həkimin evinə baş çəkdiyi ilk xəstə çarpayıda uzanıqlı vəziyyətdə idi. Mənzilin yeganə otağı həm yemək, həm də yataq otağı sayılırdı. Xəstə üz-gözü qırışlı, iti baxışlı qoca ispan idi.

Həkim ona iynə vuranda qoca dilləndi:

– Hə, doktor, siçovullar çıxmağa başlayıblar, görmüsünüz?

– Elədir, qonşular da siçovul ölüsü tapıb, – deyə arvadı əlavə etdi.

Ryö başa düşdü ki, məhəllədə hamı siçovullardan danışır. O, digər xəstələrinə də baş çəkib evə qayıtdı.

Qapıda qoca Mişellə rastlaşdı.

– Sizə teleqram gətiriblər, – dalandar dedi.

Həkim ondan yenə siçovul görüb-görmədiyini soruşdu.

– Daha yoxdur! – dalandar cavab verdi. – Bu əclaflar bura siçovul atmağa daha cəsarət eləməzlər.

Həkim teleqramı oxumağa başaldı: orada anasının ertəsi gün gələcəyi xəbər verilirdi. Xəstə arvadı burada olmadığı müddətdə ev işlərini anası görəcəkdi. Şəfqət bacısı artıq gəlmişdi. Arvadı isə paltarını geyinib, üzünə kirşan çəkmişdi. Həkim gülümsədi:

– Bax belə… hər şey yaxşıdır.

Vağzalda arvadını yataqlı kupeyə mindirdi. Arvadı kupeni nəzərdən keçirdi:

– Yəqin, bizim cibimizə görə çox bahadır, eləmi?

– Belə lazımdır, – əri cavab verdi.

– Bu siçovul əhvalatı nədir, danışırlar?

– Bilmirəm. Qəribə əhvalatdır, amma keçib-gedər.

Sonra üzrxahlıq elədi ki, qayğısına yaxşı qala bilməyib, çox vaxt ona qarşı diqqətsiz olub. Arvadı başını buladı – sanki susmasını xahiş eləyirdi. Həkim axırda dedi:

– Sən qayıdanda hər şey başqa cür olacaq. Hər şeyə təzədən başlayarıq.

– Hə, – arvadının gözləri parıldadı. – Başlayarıq.

Arvadı arxasını ona çevirib pəncərədən çölə baxdı. O, arvadını səslədi və qadın dönəndə üzünü göz yaşları içində gördü.

– Lazım deyil, – nəvazişlə dedi.

Göz yaşları içində sıxıntılı bir təbəssüm sezildi. Arvadı köks ötürdü:

– Di get, hər şey yaxşı olacaq.

Perronda, vaqonun pəncərəsi önündə dayananda arvadı hələ də gülümsəyirdi.

– Özündən muğayat ol, xahiş edirəm, – həkim dedi.

Vağzaldan çıxanda balaca oğlunun əlindən tutub harasa tələsən müstəntiq Oton ilə rastlaşdı. Həkim ondan hara getdiyini soruşdu. Qaraşın, ucaboy Oton həm kübar cəmiyyətə mənsub adama, həm də müqəvvaya oxşayırdı. O, nəzakətlə qısaca cavab verdi:

– Arvadımı qarşılamağa gəlmişik.

Parovoz fit verdi.

– Siçovullar… – müstəntiq sözə başladı.

– Hə, bilirəm; ciddi bir şey deyil.

Elə həmin an vağzal xidmətçisinin bir qutu siçovul ölüsü apardığı nə həkimin nə də müstəntiqin nəzərindən qaçmadı.




3


Həmin gün günortadan sonra həkimin otağına cavan bir oğlan gəldi. Onun jurnalist olduğunu xəbər vermişdilər. Oğlanın adı Reymon Ramber idi. Qısaboy, enlikürək bir adamdı; ciddi sifəti, işıqlı, ağıllı gözləri vardı. O, dərhal mətləbə keçdi. Bildirdi ki, Parisin məşhur qəzetlərindən birinin sifarişi ilə ərəblərin həyat şəraiti və şəhərin sanitariya vəziyyəti barədə məqalə üçün araşdırma aparır. Həkim sanitariya vəziyyətinin yaxşı olmadığını bildirdi. Amma söhbətə başlamazdan əvvəl bilmək istəyirdi ki, jurnalist həqiqəti yaza biləcəkmi?

– Əlbəttə, – jurnalist cavab verdi.

– Soruşuram ki, əsaslı, geniş tənqidlə çıxış edə biləcəksiniz?

– İnanmıram. Güman edirəm ki, geniş tənqid üçün əsas yoxdur.

Ryö sakitcə bildirdi ki, doğrudan da, geniş tənqid üçün əsas yoxdur, ancaq Ramber bildiklərini çəkinmədən yaza bilər, ya yox?

– Mən deyilənləri bəzəmədən qələmə alıram.

Sonra jurnalist gülümsəyərək ayağa durdu. Həkim onu qapıya qədər ötürdü.

– Məsələyə belə münasibətinizə görə sağ olun, – həkim dedi. – Ancaq şəhərdə siçovulların qırılması barədə bir məqalə yazılsa, yaxşı olar: hər yer siçovul ölüsü ilə doludur.

– Aha! – Ramber səsləndi. – Doğrudan da, maraqlı fikirdir.

Həkim saat beşdə yenə xəstələrə baş çəkmək üçün evdən çıxanda pilləkəndə orta yaşlı, ağır gövdəli, yastısifət, pırpızqaşlı bir kişi ilə rastlaşdı. Həkim həmin kişini əvvəllər, evin axırıncı mərtəbəsində yaşayan ispan rəqqasların mənzilində görmüşdü. Jan Taru pilləkəndə ayağı altında çapalayıb can verən siçovula baxırdı.

– Bu get-gedə adamı bezdirir, – həkim dedi.

– Elədir, həkim, adamı bezdirir. Çünki indiyə qədər belə şey görməmişik. Amma maraqlı faktdır… çox maraqlıdır. – Taru siçovula bir də baxıb gülümsədi: –Bir yana qalanda, bu artıq dalandarın işidir.

Həkim dalandarla evin girişində rastlaşdı. O, divara söykənmişdi. Sifətindən yorğunluq tökülürdü.

– İndi siçovul ölülərini iki-iki, üç-üç tapıram, – qoca Mişel dedi. – Başqa binalarda da vəziyyət eyni cürdür.

Qoca yorğun və qayğılı idi. Dedi ki, son günlər bir az halsızlaşıb; siçovul ölüləri onun əhvalını lap korlayıb, yəqin, onlar yoxa çıxandan sonra işlər qaydasına düşəcək.

Amma ertəsi gün, aprelin 18-də səhər anasını vağzaldan gətirmək üçün aşağı düşəndə gördü ki, dalandar Mişelin əhvalı bir az da korlanıb: zirzəmidən dama qalxan pilləkənin üstündə bir yığın siçovul ölüsü vardı. Qonşu evlərin zibil qabları da siçovul cəsədləri ilə dolu idi. Həkimin anası siçovullar haqqında söhbəti eşidəndə heç təəccüblənmədi:

– Belə işlər olan şeydir, – dedi.

Həkimin anası ağsaç, qaragöz, mülayim bir qadındı.

– Səni görməyimə şadam, Bernar, – o dedi. –Siçovul-zad sevincimə xələl gətirə bilməz.

Həkim başını tərpətdi; anası yanında olanda, doğrudan da, hər iş ona asan görünürdü.

Amma hər ehtimala qarşı sanitariya idarəsinə zəng etdi. İdarənin müdiri ilə tanış idi. Soruşdu ki, siçovulların yuvalarından çıxıb öldüklərindən xəbəri varmı? Müdir Mersye cavab verdi ki, elə onun idarəsinin yanından əlliyə yaxın siçovul ölüsü tapıblar. Bu məsələnin nə dərəcədə ciddi olduğunu heç o özü də bilmir. Ryö dedi ki, sanitariya idarəsi nəsə bir iş görməlidir.

– Hə, elədir, – Mersye dedi. – Ancaq gərək göstəriş olsun. Əgər məsləhət görürsənsə, çalışıb rəhbərlikdən rəsmi göstəriş alaram.

– Mən məsləhət görürəm, – deyə Ryö dəstəyi asdı.

Bu vaxt onların qulluqçusu xəbər verdi ki, ərinin işlədiyi zavoddan yüzlərlə siçovul ölüsü yığıblar.

Təxminən elə həmin vaxtdan şəhər camaatının narahatçılığı başladı. Çünki təxminən aprelin 18-dən başlayaraq zavodlardan, böyük anbarlardan yüzlərlə siçovul ölüsü tapılırdı. Həkim ətraf məhəllələrdən tutmuş şəhərin mərkəzinə qədər, hər yerdə siçovul cəsədləri görürdü. Həmin gündən axşam qəzetləri də işə qarışdı. Yazırdılar ki, prefektura[1 - Prefektura – inzibati ərazi vahidinin (rayon, şəhər və s.) idarəçilik orqanı] təcili ölçü götürmək fikrindədir, ya yox? Prefektura isə heç bir tədbir görmədi, yalnız yaranmış vəziyyəti müzakirə etmək üçün yığıncaq keçirməklə kifayətləndi. Sanitariya idarəsinə göstəriş verildi ki, ölü siçovulları səhər ertədən toplayıb zibilyandırma zavoduna aparsınlar.




4


Sonrakı günlərdə vəziyyət daha da ağırlaşdı. Ölü gəmiricilərin sayı artırdı. Əhali onları şəhərin ən mərkəzi yerlərində görüb qorxuya düşürdü.

Radioda məlumat verildi ki, təkcə aprel ayının 25-də altı min iki yüz otuz bir siçovul ölüsü toplanaraq yandırılıb. Bu rəqəm əhalinin həyəcanını bir az da artırdı. Astması olan qoca ispan isə əllərini ovuşdura-ovuşdura, sevincək səslə elə hey deyirdi: “Hə, gəbərirlər, gəbərirlər!”

Aprelin 28-də radioda xəbər verildi ki, təxminən səkkiz min siçovul ölüsü yığılıb. Çaşqınlıq şəhəri bürüdü. Camaat ciddi tədbir görülməsini tələb edir, şəhər rəhbərliyini günahlandırırdı. Amma ertəsi günkü məlumata görə, vəziyyət qəfildən dəyişmişdi: sanitariya idarəsi gün ərzində xeyli az cəsəd toplamışdı. Şəhər rahat nəfəs aldı.

Di gəl, elə həmin gün günorta çağı Ryö maşınını evin qarşısında saxlayanda dalandarın ağır addımlarla gəldiyini gördü. Kişinin taqəti yox idi, başı sinəsinə düşmüşdü. Keşiş Panelu onun qoluna girmişdi. Panelu elmli, mübariz bir din xadimi kimi hörmət qazanmışdı. Dinə biganə olanlar da ona rəğbət bəsləyirdilər. Həkim dayanıb onları gözlədi. Qoca Mişelin nəfəsi xışıldayırdı. Özünü pis hiss elədiyindən havaya çıxmış, ancaq geri qayıtmalı olmuşdu.

– Limfa vəzilərim şişib, – qoca dilləndi. – Yəqin, nə vaxtsa gücə düşmüşəm.

Həkim əlini maşının qapısından uzadıb Mişelin boynunu yoxladı. Barmaqları ağac düyününə oxşayan şişə toxundu.

– Gedin yatın, hərarətinizi ölçün, günortadan sonra sizə baş çəkərəm.

Nahardan sonra Ryö arvadının sanatoriyadan göndərdiyi teleqramı oxuyurdu ki, telefon zəng çaldı. Zəng edən keçmiş xəstələrindən biri, prefekturanın işçisi idi. Bu kişi uzun müddət ürək damarının sıxılmasından əziyyət çəkmişdi və kasıb olduğuna görə Ryö onu pulsuz müalicə eləmişdi.

– Bəli, yaxşı ki yadınızda qalmışam, – o dedi. – İndi söhbət başqa adam haqqındadır. Tez gəlin, qonşuma nəsə olub.

Kişi tövşüyə-tövşüyə danışırdı. Ryönün yadına dalandar düşdü, fikirləşdi ki, sonra ona da baş çəkər. Bir neçə dəqiqə sonra təzə rənglənmiş və boya iyi verən pilləkənin ortasında onu qarşılamağa düşən prefektura işçisi Jozef Qranla görüşdü. Qran təxminən əlli yaşlı, sarıbığ, ucaboy, belibükük, arıq bir kişi idi.

– İndi vəziyyət yaxşıdır, – o dedi, – bir az əvvəl elə bilirdim ki, can verir.

Qapının üstünə qırmızı tabaşirlə yazılmışdı: “Buyurun içəri, mən özümü asmışam”. Onlar içəri girdilər. Aşmış stulun üstündən kəndir sallanırdı. Masa otağın küncünə çəkilmişdi. Kəndir havada yellənirdi.

– Onu kəndirdən vaxtında qurtardım, – Qran dedi.

Onlar qonşu otağa keçdilər. Qısaboy, gonbul bir kişi dəmir çarpayıda uzanmışdı. Nə çox hündürdən yıxılmış, nə də ağır zədə almışdı, boğaz damarları kəndirə tab gətirmişdi. Amma hər halda, boğulma qalmışdı. Kardioqramma çıxarmaq lazım idi. Həkim kamfora iynəsini vurub dedi ki, bir neçə günə hər şey qaydasına düşəcək.

Ryö polisə xəbər verilib-verilmədiyini soruşdu. Bu vaxt xəstə dirsəklənib oturdu, dedi ki, xəbər verməyinizə dəyməz.

– Narahat olmayın, – Ryö onu sakitləşdirmək istədi, – burada elə bir şey yoxdur. Mən, sadəcə, xəbər verməyə borcluyam.

Kotar göz yaşı tökə-tökə dedi ki, daha belə iş görməyəcək, bu da bir ağılsızlıq idi. İndi isə istəyir ki, ondan əl çəksinlər. Ryö ona dərman yazıb dedi:

– Yaxşı, razılaşdıq, xəbər vermərəm. İki-üç gündən sonra sizə baş çəkəcəyəm. Bir də belə səfehlik etməyin.

Pilləkəni düşəndə həkim Qrana dedi ki, polisə xəbər verəcək, amma rəisdən xahiş edəcək, istintaq üçün iki gün sonra gəlsin. Ardınca əlavə etdi:

– Bu gecə onu nəzarətdə saxlamaq lazımdır. Ailəsi varmı?

– Ailəsini tanımıram. Amma özüm ona keşik çəkərəm. – Sonra çiyinlərini çəkdi.– Düzünə qalsa, onu elə də yaxşı tanımıram. Amma gərək dar ayaqda bir-birimizə kömək edək.

Ryö prefektura işçisinin əlini sıxdı. Həkim arvadına məktub yazmazdan əvvəl dalandara baş çəkməyə tələsirdi.

Axşam qəzetlərini satanlar qışqırırdılar ki, siçovulların hücumu dayanıb. Ryö dalandarın evinə girəndə gördü ki, kişi qarnını tutub çarpayıdan aşağı əyilərək, gücənə-gücənə yerdəki ləyənə qırmızı maye qusur. Hərarəti otuz doqquz yarım idi, boynundakı limfa vəziləri, oynaqları xeyli şişmiş, yanlarında iki qara ləkə əmələ gəlmişdi. Dalandarın arvadı yaxınlaşıb kədərli səslə soruşdu:

–Həkim, ona nə olub?

–Hər şey ola bilər. Hələ bir söz deyə bilmərəm. Axşama qədər pəhriz saxlasın, mədəsini yuyun. Çoxlu su verin.

Evə qayıdan kimi şəhərin ən tanınmış həkimlərindən olan Rişara zəng vurub soruşdu:

– Yüksək hərarətli, qızdırmalı xəstəniz yoxdur?

– Var, limfa düyünləri iltihab eləmiş iki xəstəm var.

– Normadan artıq?








– Hm… Bilirsiniz, norma deyəndə…

Axşamüstü dalandarın hərarəti qırx dərəcəyə qalxdı; o zarıyır, siçovullardan şikayətlənirdi.

– Onu gözdən qoymayın, – həkim xəstənin arvadına dedi, – vəziyyəti ağırlaşsa, mənə xəbər verin.

Ertəsi gün, aprelin 30-da yaza xas ilıq meh əsirdi. Külək şəhər ətrafından gül-çiçək ətri gətirirdi. Dalandarın mənzilinə düşdü, məlum oldu ki, xəstənin hərarəti səhər otuz səkkiz dərəcəyə enib. Ryö bir az rahatlaşdı.

– Həkim, vəziyyət düzəlir? – dalandarın arvadı soruşdu.

– Gözləyək, görək nə olur.

Lakin günorta xəstənin hərarəti qəfil qırx dərəcəyə qalxdı, ara vermədən sayıqlamağa və qusmağa başladı. Ağrıları daha da artmışdı. Həkim dedi:

– Onu mütləq təcrid eləmək lazımdır. İndi xəstəxanaya zəng edərəm, təcili yardım maşını ilə apararıq.

İki saat sonra təcili yardım maşınında həkimlə dalandarın arvadı xəstənin üstünə əyilmişdilər. Xəstənin uçuqlamış, şişmiş dodaqlarından kəsik-kəsik “Siçovullar! Siçovullar” sözü qopurdu. Ev xidmətçisi sanki gözəgörünməz, ağır bir yükün altında boğulurdu.

– Deməli, daha ümid yoxdur, həkim? – arvadı ağladı.

– O öldü, –həkim cavab verdi.




5


Dalandarın ölümü, demək olar, anlaşılmaz bir dövrə son qoydu və daha çətin dövr başladı. Bu yeni dövrdə təəccüb və anlaşılmazlıqlar yavaş-yavaş həyəcana, qorxuya çevrildi. Sakinlərin çoxu cənab Mişelin açdığı yolla həyatdan getməyə başladılar.

Sonrakı əhvalatların ətraflı təsvirinə başlamazdan əvvəl, hekayəçi həmin dövr haqqında başqa bir şahidin fikirlərini bölüşməyi də məsləhət bilir. Söhbətin əvvəlində adını çəkdiyimiz Jan Taru Oran şəhərinə fövqəladə hadisələrdən bir neçə həftə əvvəl gəlmişdi. Elə o vaxtdan da mərkəzdəki iri mehmanxanalardan birində yaşayırdı. Davranışından hiss olunurdu ki, öz qazancı ilə sərbəst dolanmaq imkanı var. Şəhər camaatı ona yavaş-yavaş öyrəşdi, heç kimin ağlına gəlmədi ki, haradan və nə üçün gəldiyi ilə maraqlansın. Ona şəhərin bütün ictimai yerlərində rast gəlmək olardı. Yazın əvvəlindən tez-tez çimərliyə gedir, üzməkdən ləzzət alırdı. Bu gülərüz adam hər cür əyləncəyə qoşulsa da, onun aludəçisi olmurdu… Onun bircə vərdişi vardı: şəhərimizdə çox olan ispan rəqqas və musiqiçilərinə tez-tez baş çəkirdi.

Jan Tarunun gündəliyində həmin çətin günlər barədə qeydlərə rast gəlinir. Ancaq müəllif bu qeydlərində sanki qarşısına hər şeyi gözdən salmaq məqsədi qoyub. Buna baxmayaraq, elə qeydlər də var ki, əhəmiyyətsiz sayılsa belə, həmin dövrün hadisələrini necəsə tamamlaya bilər.

Jan Tarunun ilk qeydləri Orana gəldiyi vaxta aiddir. Həmin qeydlərdən hiss olunur ki, gözəlliyi ilə heç göz oxşamayan bir şəhərə gəldiyindən məmnundur. Şəhərin ağacsız, binaların yaraşıqsız olması, səfeh bir plan üzrə tikilməsi barədə həvəslə söhbət açırdı. Taru tramvayda və küçələrdə eşitdiyi söhbətləri də heç bir izahat vermədən qələmə almışdı.

Pəncərəsi ilə üzbəüz eyvanda hər gün baş verən hadisə isə onun diqqətini xüsusi çəkmişdi. Tarunun pəncərəsi divarların kölgəsində pişiklərin uzanıb mürgü döydüyü dalana baxırmış. Hər gün nahardan sonra bütün şəhər sakinləri istidən daldalanarkən qarşı tərəfdəki eyvana qoca bir kişi çıxarmış. Ağ saçları səliqə ilə daranmış, ciddi görkəmli, hərbçilər kimi şax duruşu olan bu kişi eyvanda dayanıb pişikləri çağırarmış. O, kağız vərəqələri doğrayıb aşağıya səpələyər, pişiklər uçuşan kağızlara tərəf gələndə aşağıya tüpürər, tüpürcəyi pişiklərin birinin üstünə düşsə, uğunub gedərmiş.

Tarunun gündəliyində siçovullar barədə də qeydlər var: “Bu gün üzbəüzdəki qocanın heç kefi yoxdur: pişiklər daha görünmürlər; küçələrə səpələnmiş çoxlu siçovul ölüsünə görə yoxa çıxıblar. Qoca onları görmədiyindən pərişan olub; həmişəki əhvali-ruhiyyədə deyil. Hiss olunur ki, nigarandır. Eyvanda bir az dayanıb içəri qayıtdı. Amma qayıtmazdan əvvəl boş küçəyə tüpürdü də.

Mehmanxanada gecə qarovulçusu işləyən abırlı bir kişi mənə dedi ki, bu siçovul əhvalatı nə isə bir bəla gətirəcək. Soruşdum ki, axı nə bəla baş verə bilər? O da bir şey bilmirdi, çünki gələn bəlanı əvvəlcədən görmək olmur. Amma zəlzələ olsa, təəccüblənməyə dəyməz. Onun fikrinə şərik olanda, bəs nəyə görə qorxmadığımı soruşdu.

– Mənim üçün vacib olan, – dedim, – mənəvi rahatlıqdır.

Qarovulçu məni başa düşdü.

Şəhərdə siçovul əhvalatından danışanlar çoxalır. Mehmanxananın direktoru da ancaq bu məsələdən danışır. Onun özündən çıxmağa haqqı var: adlı-sanlı mehmanxananın liftindən siçovul ölüsü tapılması yaxşı hal deyildi. Elə camaatı narahat eləməyə başlamış qəribə qızdırma haqqında söhbəti də ondan eşitmişdim: mehmanxanadakı xidmətçi qadınlardan biri də qızdırmaya tutulub.

Məhz həmin dövrdən başlayaraq Tarunun gündəliyində əhalini nigaran qoymağa başlamış müəmmalı qızdırma haqqında ətraflı qeydlər peyda olur. Həmin qeydlərdən birində şəhərdə artıq 10-a yaxın adamın qızdırmadan öldüyü yazılmışdı.

Tarunun həkim Ryö barədə qeydlərini isə onun kimliyi haqqında lap rəsmi sənəd kimi qəbul etmək olar: “Otuz beş yaşı olar; ortaboylu, enlikürəkdir; sifəti az qala dördküncdür; badamı gözləri qaradır; sinəsi irəli çıxıb; burnu düz və ətlidir; qısa vurulmuş qara saçları var; gündən yanmış dərisi, cod tükləri, həmişə tünd rəngli paltar geyməsi onu Siciliya kəndlisinə oxşadır. Yeri gəlmişkən, belə geyim ona yaraşır. Yerişi itidir; şlyapa qoymur; bilikli adama oxşayır”.

Dalandarın meyitini izolyatora[2 - İzolyator – yoluxucu xəstəliyi olan xəstələri və dəliləri saxlamaq üçün xüsusi otaq, bina (xəstəxanada və s.-də)] qoyandan sonra, o, qoca Mişelin ölüm səbəbi haqda məsləhətləşmək üçün Rişara zəng etdi.

– Baş çıxara bilmirəm, – Rişar dedi. – İkisi də məndə ölüb: biri xəstələnəndən qırx səkkiz saat sonra, o biri isə üç gün sonra. İkinci xəstə hətta yaxşılaşmağa başlamışdı.

Ryö başqa həkimlərə də zəng vurdu. Öyrəndi ki, bir neçə gün ərzində iyirmiyə yaxın adamda eyni hal baş verib və çoxu ölüb. O, yenə Rişara zəng vurdu ki, xəstələri təcrid etsinlər.

– Mən nə edə bilərəm? – Rişar cavab verdi. – Gərək prefektura bir ölçü götürsün. Bir də axı sizə kim deyib ki, xəstəlik yoluxucudur?

– Mənə heç nə deyən olmayıb, amma xəstəliyin əlamətləri qorxuludur.

Rişar bildirdi ki, o, kifayət qədər səlahiyyət sahibi deyil, odur ki özbaşına heç nə edə bilməz. Əlindən bircə o gəlir ki, prefektlə[3 - Prefekt – prefekturaya rəhbərlik edən şəxs] danışsın.

Dalandarın öldüyü günün səhəri hava korlandı. Baharın rütubətli günləri yayın qızmar günlərindən də ağır keçirdi. Təkcə Ryönün astmalı qoca xəstəsi havadan ləzzət alır, sevinirdi.

– Hə, hava qızır, – deyirdi, – belə hava bronxlara xeyirdir.

Havalar, doğrudan da, istiləşirdi. İstiləşməyi bir yana, adamı qızdırma kimi yandırırdı. Kotarın intihar cəhdi ilə bağlı istintaqda iştirak etməyə gedəndə Ryö fikirləşirdi ki, bütün şəhər qızdırma içindədir.

O, evə çatanda polis komissarı hələ gəlməmişdi. Qran girəcəkdə gözləyirdi. Mənzildə gözə dəyən iki əşya vardı: biri üstünə iki-üç lüğət qoyulmuş kitab rəfi, o biri isə aşağısında güclə oxunan hərflərlə «Çiçəkli xiyaban» yazılmış tablo. Qran Kotarla bağlı fikirlərini həkimlə bölüşürdü. Elə bu vaxt polis komissarı öz katibi ilə gəlib çıxdı. Komissar əvvəlcə Qranı dindirdi. Qran danışanda həkim hiss etdi ki, o, Kotarı «ruhdan düşmüş adam» kimi xarakterizə edir. Hələ bir dəfə Kotarın hərəkətini «kortəbii qərar» da adlandırdı. Polis komissarı Qranın ifadəsini alandan sonra xəstənin özünü görmək istədi. Ryö fikirləşdi ki, Kotarı bu görüşə hazırlamaq lazımdır. O, otağa girəndə Kotar qalxıb çarpayıda oturdu və qapıya baxıb, sıxıla-sıxıla soruşdu:

– Polis gəlib?

– Bəli, – Ryö cavab verdi, – ancaq narahat olmağa dəyməz, iki-üç sual verib gedəcək.

Kotar dedi ki, polisi görməyə gözü yoxdur.

– Onlardan mənim də xoşum gəlmir. Ancaq bu məsələni tezcə qurtarmaq lazımdır.

– Həkim, özünü asmaq istəyən adamı tutmazlar ki?

Ryö ona ürək-dirək verib komissarı içəri çağırdı.

Qranın verdiyi ifadəni oxuyub ondan soruşdular ki, həmin hərəkəti yenə təkrar etmək istəyərmi? Kotar əsəbiliklə cavab verdi ki, elə fikri yoxdur və ondan əl çəksələr, daha yaxşı olar.

– Bilirsiniz, – komissar əsəbi halda dedi, – başqalarının rahatlığını pozan elə özünüzsünüz.

Ryö ona əliylə işarə edib, susmasını xahiş etdi.

– Onsuz da bu qızdırma başlayandan iş başımızdan aşır, – komissar qapıdan çıxanda köks ötürdü. – Bütün bəla havanın pis olmasındadır.

O, doğru deyirdi. Havalar get-gedə lap istiləşir, hər şey sanki adamın əlinə yapışırdı. Hər yeni xəstəyə baş çəkdikcə Ryö hiss edirdi ki, fikri doğrulmağa başlayıb. Xəstələrin yaralarından çirk axır, çoxu üfunət içində ölürdü.

Bir neçə gün ərzində ölənlərin sayı lap artdı. Həkimlər anladılar ki, əsl epidemiya[4 - Epidemiya – hər hansı bir yoluxucu xəstəliyin geniş yayılması] ilə üzləşiblər. Elə həmin vaxtlar Ryönün yaşlı həmkarı Kastel onun yanına gəldi.

– Yəqin ki, sən bu xəstəliyin adını bilirsən, Ryö? – o soruşdu.

– Hələ analizlərin cavabını gözləyirəm.

– Mən isə analizlərsiz də bilirəm. Mən xeyli vaxt Çində işləmişəm; iyirmi il əvvəl də həmin xəstəliyə öz adını verməyə cürət etmirdilər. İctimai rəy müqəddəs şeydir: hay-küy qaldırmaq olmaz. Ryö, boynuna al ki, bu xəstəliyin nə olduğunu sən də bilirsən.

– Elədir, Kastel, – həkim dilini sürüdü, – adamın inanmağı gəlmir. Amma, deyəsən, taundur.




6


“Taun” sözü ilk dəfə idi ki, dilə gətirilirdi. Şəhərdə ölənlərin sayı artsa da, təhlükə Ryöyə hələ bir o qədər ciddi görünmürdü: xəstəlik, hələ ki epidemiya halını almamışdı; bəlkə, ehtiyat tədbirləri kifayət edərdi.

O, pəncərədən çölə baxırdı. Şüşədən o yanda buludsuz səma görünür, içəridə isə bayaq dilə gətirilmiş sözün əks-sədası hələ də cingildəyirdi: taun. Keçmiş bəlaların mənzərələri göz qabağına gəlirdi: Çində, Marseldə, Konstantinopolda, Milanda, Londonda yayılmış dəhşətli taun xəstəliyi, hər yandan eşidilən sonsuz şivən səsləri. Yox, bütün bu əlamətlər hələlik bizim şəhərdə yox idi.

Həkim Ryö beləcə fikirləşdiyi vaxt xəbər verdilər ki, Jozef Qran onu görmək istəyir. Prefekturanın işçisi Qran idarədə hər cür işə buyrulduğundan, ölənlərin siyahısını tutmağı da ona tapşırmışdılar. İndi həmin siyahının bir nüsxəsini Ryöyə gətirməyə həvəslə razılıq vermişdi.

Qranla birlikdə qonşusu Kotar da gəlmişdi. O, əlindəki vərəqi hələ kandarda ikən yellədi.

– Rəqəmlər artır, həkim, – dedi, – qırx səkkiz saat ərzində on bir adam ölüb.

Ryö Kotarla görüşüb əhvalını soruşdu. Qran dedi ki, Kotar həkimə minnətdarlıq etmək üçün gəlib, həm də baş verənlərə görə üzr istəyir.

Ancaq Ryönun fikri siyahıda idi.

– Hmm… – o mızıldadı, – görünür, xəstəliyin öz adını açıb deməyin vaxtı çatıb. İndiyə qədər tərəddüd eləmişik. Mən laboratoriyaya dəyməliyəm; gəlin, bir yerdə gedək.

Arm meydanına çatanda Qran dedi:

– Məni bağışlayın, tramvaya minib evə qayıtmalıyam: axşamlar işləyirəm.

Ryö soruşdu ki, axşamlar da prefektura üçün işləyir? Qran cavab verdi ki, özü üçün işləyir.

– Bəs işlər necə gedir? – Ryö nəsə demək xatirinə soruşdu.

– Çoxdan işləyirəmsə, demək, necəsə gedir. Ancaq belə baxanda, elə bir irəliləyiş yoxdur.

Həkim ayağını saxladı:

– Bəs nə ilə məşğulsunuz?

Qran nəsə mızıldayıb, dəyirmi şlyapasını iri qulaqlarının üstünə basdı. Ryö şəxsi işdən söhbət getdiyini təxmin etdi.

Laboratoriyaya çatanda Kotar məsləhət almaq üçün onunla bir də görüşmək istədiyini dedi. Ryö onu kabinetə dəvət etdi, amma yadına nə düşdüsə, dedi ki, sabah onların məhəlləsinə gəlməlidir və axşamtərəfi Kotara baş çəkər.

Kotardan ayrılanda həkim hələ də Qran haqqında fikirləşirdi. Jozef Qran adi bir prefektura işçisi idi. Bu ucaboy, arıq kişi paltar geydirilmiş müqəvvaya oxşayırdı. Alt dişlərinin çoxu hələ yerində olsa da, üst dişləri tamam tökülmüşdü. Bu adam öz xeyirxahlığı, ürəyinin təmizliyilə seçilirdi.

Həmin axşam uzaqlaşıb gedən Qranın arxasınca baxanda Ryö fikirləşdi ki, bu adam ya kitab yazır, ya da ona bənzər bir işlə məşğuldur.









7


Ryönün canfəşanlığı sayəsində sanitar komissiyasının iclasını çağırmaq üçün ertəsi gün prefektin icazəsi alındı. Prefekt komissiya üzvlərini hörmətlə qarşılasa da, əsəbi görünürdü. O, tez mətləbə keçdi:

– Başlayaq, cənablar. Vəziyyəti izah etməyə ehtiyac varmı?

Rişar buna ehtiyac olmadığını düşünürdü, həkimlər vəziyyəti bilirdilər. Hansı tədbirləri görmək lazım olduğu aydınlaşdırılmalı idi.

Qoca Kastel onun sözünü kobudcasına kəsdi:

– Əsas məsələ bu xəstəliyin taun olub-olmadığını dəqiqləşdirməkdir.

Həkimlərdən hansısa heyrətlə içini çəkdi. Qalanlar, görünür, tərəddüd edirdilər. Prefekt isə hətta diksindi, bu dəhşətli xəbəri kiminsə eşidəcəyindən qorxurmuş kimi qeyri-ixtiyari qapıya tərəf boylandı. Rişar bildirdi ki, onun fikrincə, hay-küy qaldırmağa ehtiyac yoxdur, söhbət qızdırmanın ağırlaşmış formasından gedir. Saralmış bığlarının uclarını çeynəyən qoca Kastel gözlərini Ryönün üzünə zillədi. Sonra təbəssümlə iclasdakıları süzüb dedi ki, xəstəliyin taun olduğuna əmindir, amma bu fikir rəsmən təsdiqlənsə, çox ciddi tədbirlər görülməlidir. O əmindir ki, hörmətli həmkarlarını, əslində, məhz bu qorxudur.

Ryö bayaqdan bəri dinib-danışmadığından onun fikrini soruşdular.

–Tifə[5 - Tif – ağır infeksion xəstəliklər zamanı huşun pozulması ilə müşayiət olunan qızdırmalı vəziyyət] bənzəyən qızdırmadan söhbət gedir. Mən şişmiş limfa vəzilərini çərtib analiz üçün laboratoriyaya göndərmişəm. Laboratoriyada güman edirlər ki, tapılan mikroblar taun xassəlidir. Demək lazımdır ki, bu mikrobun bəzi xüsusiyyətləri keçmişdəki mikroblardan fərqlənir.

Rişar bildirdi ki, elə buna görə analizlərin cavabını gözləməliyik.

– Gözləməyə vaxt yoxdur, –Ryö bir az susub dedi. – Xəstəliyin yayılma sürətinin qarşısı alınmasa, iki ay ərzində şəhər əhalisinin yarısı qırıla bilər. Əsas xəstəliyə taun, yaxud qızdırma adı vermək deyil, əhalinin yarısını ölümdən qurtarmaqdır.

Rişar dedi ki, əgər epidemiya dayanmasa, onun qarşısını almaq üçün qanunun tələb elədiyi bütün tədbirlər həyata keçirilməlidir. Bunu etmək üçünsə xəstəliyin taun olduğu rəsmən təsdiqlənməlidir. Ancaq buna tam əminlik yoxdursa, onda hər şeyi yenidən götür-qoy etmək lazımdır.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289445) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Prefektura – inzibati ərazi vahidinin (rayon, şəhər və s.) idarəçilik orqanı




2


İzolyator – yoluxucu xəstəliyi olan xəstələri və dəliləri saxlamaq üçün xüsusi otaq, bina (xəstəxanada və s.-də)




3


Prefekt – prefekturaya rəhbərlik edən şəxs




4


Epidemiya – hər hansı bir yoluxucu xəstəliyin geniş yayılması




5


Tif – ağır infeksion xəstəliklər zamanı huşun pozulması ilə müşayiət olunan qızdırmalı vəziyyət



Bu romanda Oran adlı şəhərdə qəfil başlayan taun epidemiyası zamanı yaşanan hadisələrin fonunda insanların həyatla ölüm arasında qalarkən keçirdiyi hissləri, həyəcanları ustalıqla qələmə alıb.

Как скачать книгу - "Taun" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Taun" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Taun", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Taun»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Taun" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги серии

Книги автора

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *