Книга - Tanıdıqlarım və sevdiklərim xatirələrimdə

a
A

Tanıdıqlarım və sevdiklərim xatirələrimdə
Cəfərzadə Əzizə


Xatirə ədəbiyyatı #58
Kitabda Xalq yazıçısı Əzizə Cəfərzadənin müxtəlif illərdə müəllimləri, qələm dostları, elm, incəsənət xadimləri, eləcə də müxtəlif sənət sahibləri və digər tanıdığı şəxslər haqqında yazdığı xatirələri yer alıb. Bu xatirələrin bir hissəsi müxtəlif illərdə ayrı-ayrı mətbu orqanda çap olunub. Bəziləri isə yazıçının Ev Arxivində saxlanılan materiallar əsasında tərtib edilib. Yazıçının xatirələri küll halında ilk dəfə bu kitabda oxuculara təqdim olunur.




ƏZİZƏ CƏFƏRZADƏ













Tanıdıqlarım və sevdiklərim xatirələrimdə



“Xatirə Ədəbiyyatı” silsiləsinin 58-ci kitabı



TƏRTİBATÇIDAN



Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadə tarixə öz möhürünü vurduğu tarixi romanlarla yanaşı müəllimləri, tanışları, birgə işlədiyi, ünsiyyətdə olduğu şəxslər, qələm dostları haqqında da ara-sıra xatirələr yazıb və bunların bəzilərini dövrü mətbuatda dərc etdirib. 1995-ci ildən başlayaraq qələmə aldığı xatirələrini “Tanıdıqlarım, sevdiklərim xatirələrimdə” başlığı altında qeyd edərdi. Əzizə ananın çoxcildli əsərlərini çapa hazırlayanda bu əsərləri də toplayıb həmin başlıq altında çap etdirmək fikrindəydim. Amma “Hədəf Nəşrləri” rəhbərliyi ilə görüşümüzdə onların xatirə seriyasında kitablar çap etdiklərini və Əzizə Cəfərzadənin xatirələrini də nəşr etmək istədiklərini nəzərə alıb bu kitabı oxuculara təqdim edirəm.

Bu xatirələr Əzizə Cəfərzadənin böyüdüyü və yaşadığı mühit haqqında təsəvvür yaradır, kimlərdən dərs aldığını, kimlərlə çiyin-çiyinə çalışdığı, müxtəlif sahələrdə işləyən insanlarla ünsiyyəti olduğu şəxsləri bizə tanıdır. Burada ilk nəzərə çarpan və maraq kəsb edən onun dövrünün iki böyük din xadimindən – Hacı Şeyx Fərəcullah Pişnamazzadə və Şeyx Mirmöhsüm Həkimzadə ilə ünsiyyəti, onlardan gizli dərs almasıdır. Əlbəttə, o dövrü nəzərə alanda pioner, komsomolçu, kommunistin şeyxlərdən ərəb əlifbası və ərəb dili dərsi alması qeyri-adi hadisədir. Hələ onu demirəm ki, bu dərslərlə yanaşı o, bu böyük din xadimlərindən İslam dini tarixini də öyrənirdi. Nəzərə alsaq ki, bu dərslərdən öyrəndikləri Əzizə Cəfərzadənin bədii və eləcə də elmi fəaliyyətində, xüsusilə, 17 il çalışdığı Elmlər Akademiyasının Əlyazmalar Fondunda (indiki Əlyazmalar İnstitutu) işlədiyi dövrdə çox işinə yarayıb. Əzizə Cəfərzadə xatirələrində məktəb müəllimləri Abbasqulu ağa Bakıxanov nəslindən olan Allahverdi Bakıxanov və Xanım Bakıxanovaları xüsusi məhəbbətlə yad edir. Heç şübhəsiz ki, tarix fənninə maraq, bəlkə də, tarixi romanlar müəllifi kimi formalaşıb məşhurlaşmasında tarix müəllimi Xanım müəllimənin böyük rolu olub. Yazıçı xoş xatirələrlə universitet müəllimləri Əli Sultanlı, Feyzulla Qasımzadə, Mikayıl Rəfili, Həbib Səmədzadə, Cəfər Xəndan, İsmayıl Əfəndiyev, Əbdüləzəl Dəmirçizadə, Şamil Məmmədbəyli, Arif Dadaşzadə, Əlisöhbət Sumbatzadə, Heydər Hüseynov, Aleksandr Makovelski, Məmmədağa Şirəliyev, Y.Reçitskaya, Mir Cəlal Paşayev, Məmmədcəfər Cəfərov, Məmmədhüseyn Təhmasibi yad edir. Onlar haqqında qələmə aldığı bütün xoş sözlər bir tələbə minnətdarlığıdır. Çox maraqlıdır ki, bu müəllimlər daha sonralar Azərbaycanın seçilib-tanınan professorları, Elmlər Akademiyasının müxbir üzvləri, akademikləri və yazıçıları kimi məşhurlaşıblar.

XX əsr Azərbaycan ədəbiyyatının sütunları sayılan daha yaşlı nəslə mənsub yazıçı və şairlər Abdulla Şaiq, Məmməd Səid Ordubadi, Səməd Vurğun, Süleyman Rəhimov, Süleyman Rüstəm, Mehdi Hüseyn, Mirzə İbrahimov, Əli Vəliyev, İlyas Əfəndiyev, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Hökumə Billuri və b. haqqında xatirələri bu yazıçıların sənəti ilə yanaşı böyük insani keyfiyyətlərini də nümayiş etdirir. Bundan əlavə, şübhəsiz ki, yaşıdları, daha gənc nəsildən olan yazıçı və alim dostları haqqında da xüsusi məhəbbətlə yazılmış xatirələri var. Bunlar II Dünya müharibəsindən əvvəl, müharibə vaxtında və ondan sonrakı ağır dövrdə sınaqdan çıxmış, Əzizə ananın özü kimi bütün bu fəsadlarda bərkimiş insanlardır.

Məmməd Səid Ordubadi nümunəsi onun bir tarixi roman janrına bağlı yazıçıya çevrilməsində mühüm rol oynayıb.

Əbülhəsən gənclik yaşlarında yazılarına bir inam yaratmış ağsaqqal yazıçıdır və Əzizə ana onun dəstəyini müxtəlif yazılarında dəfələrlə qeyd edib.

Söhbətlərində Səməd Vurğun və Mirzə İbrahimovun həyatında böyük rolu olduğunu dəfələrlə qeyd edib. Səməd Vurğun onu həm Yazıçılar Birliyinə, həm də Kommunist Partiyasına üzvlüyə təqdim edib. Bundan əlavə, Əzizə ana ciddi xəstə olanda ona maddi yardım və həkim göndərib. İlk kitabı 1948-cı ildə dərc edilməli olan “Hekayələr” kitabının çapına Səməd Vurğun yaşıl işıq yandırıb.

Əzizə ana xatirələrində qeyd edir ki, Mirzə İbrahimov dəfələrlə onun işi müşkülə düşəndə – universitetdən qovulanda ona dəstək olub. Əzizə Cəfərzadə: “Onun həyatı – həyat məktəbidir. İnsan olmaq, gərək olanda kimsəsizə, çarəsizə kömək əli uzatmaq məktəbidir” – deyə gündəliyində yazıb.

Professor Əli Sultanlı 6 aylıq universitet təhsili zamanı 3 dəfə qovulmasına baxmayaraq diplom işini yüksək qiymətləndirib, hətta onu çap edilməsini və Əzizə ananın aspiranturada saxlanılmasını məsləhət görüb. 1950-ci ildə Əli Sultanlı, həmçinin elmlər namizədliyi müdafiəsində onun opponentlərindən biri olub.

Xatirələri içərisində xüsusi yeri uzun illər rəfiqəlik edib tez-tez görüşdüyü yazıçı Əzizə Əhmədova, Azərbaycanın Xalq rəssamı Maral Rəhmanzadə, SSRİ Xalq artisti Zeynəb Xanlarova kimi Azərbaycanın məşhur qadınları turur.

Tez-tez evimizin qonağı olan yumorist, yazıçı Cahangir Aslanoğlu, Azərbaycan Xalq rəssamı Nəcəfqulu, şairlər Məmməd Aslan, İsgəndər Etibar kimi adamlar haqqında da maraqla oxunan xatirələri var.

Nə qədər qəribə görünsə də, Əzizə Cəfərzadə İmadəddin Nəsimi və Məhəmməd Füzuli ilə bağlı da xatirələrini də yazıb. Xarici səfərlərdə Hələbdə və Kərbəlada olarkan hər birinin məzarını tapıb ziyarət etmək üçün həddindən artıq əmək sərf edib.

Xatirələr ancaq xoş yox, həm də çox böyük təəssüf ediləcək, ibrət götürüləcək hadisələri də özündə əks etdirir.

Anamın əziz oxucusu, güman edirəm ki, bu əsəri tərtib edərkən aldığım ləzzəti mənimlə bölüşəcək, bir həyat təcrübəsindən bəhrələndiyim kimi, siz də bu kitabı maraqla oxuyacaqsınız!



Turan İBRAHİMOV



ÖZÜ VƏ AİLƏSİ HAQQINDA XATİRƏLƏRİ



Ömrün ötən illərinə boylananda






XX əsr – bu mürəkkəb, son dərəcə ziddiyyətli, bir ucu qaranlıq, bir ucu işıqlı, sevinci az, qəmi çox əsrimiz üzü qüruba gedir. XXI əsrin dan yerinə yaxınlaşırıq. Həmişə dan yerinin gözəlliyinə qibtə etmişik, amma qürub çağının da öz gözəlliyi var. Elimizin ağbirçəyi, görkəmli yazıçı, ədəbiyyatşünas, professor Əzizə xanım əsrimizin 1997-ci ilini 75 yaşı ilə qarşıladı. Bu 75 illik ömür, əslində, XX əsrin bir insan ömründə təcəssümüdür. İşıq da, qaranlıq da, sevinc də, kədər də bu ömürdən keçir – iyirminci, otuzuncu illərin repressiya dalğası, müharibə illərinin ağrı-acıları, özünütəsdiq və özünəinam illəri bir-birini əvəz edir. Bir də Qanlı Yanvar günləri. Amansız rus əsgərlərinin gülləsinə qurban getmiş şəhidlərimizin məzarı başında qara geymiş bir ağbirçəyimiz yanıqlı səslə ağı deyir. Əzizə xanım idi o – bu məmləkətin çiçəyi burnunda gedən nakam oğul və qızlarının ruhuna layla çalırdı.

Sənətkar var ki, yaşamaq onun üçün təkcə yaradıcılıq sevinci deyil, həm də yanğıdır, ehtirasdır. Bu yanğı, bu ehtiras ömrünün son günlərinə qədər onu tərk etmir. Bizim Əzizə xanım da bu yaşınacan qələmindən ayrılmayıb, qələm onun söz qardaşı olub. Bu sənətkar ömrünün acılı-şirinli, sevincli-qəhərli anlarına baş vurmaq üçün sevimli yazıçımızın qonağı oldum.

Vaqif Yusifli

(“Panorama” qəzeti, 8 yanvar 1997)



– Əzizə xanım, ömrünüzün uşaqlıq, gənclik çağlarını necə xatırlayırsınız? Sizi dünyaya gətirən ata-ananız – onların bir insan kimi həyatınızda rolu…

– 1921-ci ilin 29 dekabr günündə Bakıda dünyaya göz açmışam. Əslim-köküm Şamaxıdandır. Mənim bir insan kimi yetişməyimdə üç övlad yetirən (onların üçü də elmlər doktorudur) anamın böyük rolu olub. Onun sinəsi folklor xəzinəsi idi.

Anam zəngin bir ailədən çıxmışdı. Atası Şamaxının adlı-sanlı seyidlərindən olub. Özü də pay yığan yox, pay verən seyid nəslindən. Anası isə Şirvan hökmdarı Mustafa xanın nəvəsiydi.

Anam Tağıyevin qızlar məktəbində təhsil almışdı. Ona dövrünün tanınmış ziyalı qadınlarından Hənifə xanım Məlikova (Zərdabinin ömür yoldaşı), Şəfiqə xanım Əfəndizadə dərs demişdilər. Anam rusca gözəl danışır, Quranı yaxşı bilirdi. Haqqımda söz açan bəzi müəlliflər yazırlar ki, Əzizə Cəfərzadə folkloru, adət-ənənələri gözəl bilir. Amma mən bu tərifi özümə yox, anama aid edərdim. O, həm də ilk oxucum idi.

Atam isə səyyah ruhlu insan olub. Gözəl at sürməyi vardı. Peşəsi də elə at saxlamaq, onları bəsləyib satmaq idi. Şeir yazmağı da vardı. Hansı şəhərdə olurdusa, oradan qiymətli əlyazmalar gətirərdi.

Doğrudur, 1928-ci ildən daha anamla yaşamadı, amma bu, əbədi ayrılığa çevrilmədi. Hər yay atam bizi özü ilə yaylağa, dincəlməyə aparardı.

– İlk kitabınız 1948-ci ildə nəşr olunmalıydı, amma nə səbəbdənsə mətbəədən yığışdırıblar.

– Əvvəla, onu deyim ki, 14-15 yaşımdan ədəbi mühitdə görünməyə başlamışam. 1937-ci ildə 16 yaşım olarkən ilk hekayəm “Ədəbiyyat qəzeti”ndə çap edildi. Və tez bir zamanda bütün görkəmli yazıçılar məni tanıdılar. Doğru deyirsiniz, 1948-ci ildə ilk kitabım çap edilməliydi, lakin elə mətbəədəcə nəşrini saxladılar. O illərdə məşhur rus şairi Anna Axmatovanı, yeri gəldi-gəlmədi, möhkəm tənqid edirdilər, guya bu şair gəncliyə burjua ruhu aşılayır. Azərbaycanda da onun “tərəfdarı” kimi yapışdılar məndən. Məni “Axmatovşina”da təqsirləndirib kitabımın çapını dayandırdılar.

– Əzizə xanım, Səməd Vurğunun, Mehdi Hüseynin, Rəsul Rzanın, Əbülhəsənin, Süleyman Rəhimovun – neçə görkəmli sənətkarın cavanlığını görmüsünüz, onlarla yaradıcılıq ünsiyyətində olmusunuz. Başlayaq böyük şairimiz Səməd Vurğundan…

– Həyatımda Səməd Vurğun kimi nurani, xeyirxah, gözəl insan görməmişəm, desəm, yanılmaram. Onun təklifilə Yazıçılar İttifaqına üzv qəbul olunmuşam. İlk kitabımın çapdan çıxması xəbərini də müjdə kimi Səməd Vurğun mənə çatdırıb.

Bir dəfə ölümcül xəstələnmişdim. Hiss edirdim ki, sonumdur. Rəhmətlik Ənvər Əlibəyli qonşumuz idi, bunu Səmədə çatdırdı. Səməd eşidib bərk həyəcanlanmışdı. O zaman Ədəbiyyat Fondunun sədri Kabakov deyilən bir rus idi. Səməd hirslənib demişdi: “Kabakov Moskvada pürrəngi çay içir, Əzizə isə burada ölür”. O, təcili 500 manat pul və öz maşını ilə doktor Veysovu yanıma göndərdi. Məni xəstəxanaya apardılar, ölümdən qurtardım.

– Səməd Vurğunla heç yol yoldaşı olmusunuzmu?

– Bəli! Doktorluq dissertasiyamın mövzusunu Moskvada təsdiq etdirib Bakıya qayıdırdım. Təyyarədə Səmədi də gördüm, yanaşı oturduq. Çox yorğun idi. Və birdən, “Qız, bir bayatı de” (çoxlu bayatı, qoşma, təcnis əzbərlədiyimi bilirdi) – deyə mənə müraciət etdi. O dediyim bayatı indi də yadımdadır:



Süsənbər suda səni,

Saxlasın Xuda səni.

Əlacım ona qalıb,

Görüm yuxuda səni.



Səməd Vurğun dedi ki, cinas kəlmələri işlətmək şeirdə böyük məharət tələb edir. Üç söz tapmışam, bunları mütləq şeirdə işlədəcəyəm: ürək dayandı, ürəkdə yandı, ürək də yandı.

Bir sözlə, Bakıya qədər şeirləşdik.

– Bəs Mehdi Hüseyni necə xatırlayırsınız?

– Mehdi Hüseyn şəxsiyyət idi – həm yazıçı, həm də insan kimi. Yaradıcılığı ilə insanlığı arasında uçurum yox idi. Son dərəcə zabitəli və ciddi, həm də mehriban və qayğıkeş idi. Olurdu ki, aramızda nəsə xırda bir inciklik və anlaşılmazlıq baş versin, amma tez sovuşub keçirdi.

Bir dəfə (deyəsən, 46-47-ci illər idi. O, kinostudiyanın direktoru, mənsə ssenari şöbəsinin müdiriydim) məni çağırıb dedi ki, qız, yanında pulun varsa, mənə bir otuz manat ver. Onda vəziyyət çox ağır idi. Çıxarıb verdim. Dedi ki, evə gedirəm, qoy Fatma (yoldaşı) bilməsin, cibimdə pul yoxdur.

Mən – onun qələm yoldaşı eybi yox, amma həyat yoldaşı bunu bilməməlidir. Kişi qeyrəti buna yol vermirdi.

– Ötən illərə boylananda daha kimlər yadınıza düşür?

– Vallah, elə günüm olmur, Süleyman Rüstəmi, Rəsul Rzanı, Əbülhəsəni, Sabit Rəhmanı, Mir Cəlalı, Mirzə İbrahimovu xatırlamayım. Bu şəxsiyyətlər XX əsr Azərbaycan ədəbiyyatının sönməyən ulduzlarıdır.

Rəsul Rza romanlarım haqqında məqalələr yazıb, böyük məhəbbətlə təbliğ edib. Əbülhəsən həm gözəl yazıçı, həm də duzlu-məzəli bir kişiydi. “Əzzim, əzzim” kəlməsi dilindən düşməzdi. Çox təəssüf eləyirəm ki, onun da 90 illik yubileyini keçirmək kimsənin yadına düşmədi.

BİR AÇIQLAMA: Əzizə Cəfərzadə çağdaş Azərbaycan nəsrində öz yeri, mövqeyi olan yazıçıdır. O, “Aləmdə səsim var mənim”, “Yad et məni”, “Vətənə qayıt”, “Sabir”, “Bakı-1501”, “Zərrintac”, “Cəlaliyyə” tarixi romanlarının müəllifidir. Bu romanlar Azərbaycan xalqının tarixini, adət-ənənələrini, məişətini öyrənmək, dərk etmək baxımından böyük əhəmiyyətə malikdir. Əzizə xanımın “Gülüstandan öncə” romanı da yenicə nəşr edilib. Bu roman da tarixi səpgidədir. Yazıçı mötəbər tarixi mənbələr əsasında sübut edir ki, Azərbaycanın iki yerə parçalanması 1813 və 1828-ci illər müqavilələrindən əvvəl – 1805-ci ildə Kürəkçay sahilində İbrahimxəlil xanla Zaqafqaziyadakı rus ordusunun baş komandanı Sisianov arasındakı müqavilədən başlanıb. Ruslar ayrı-ayrı Azərbaycan xanlarını, beləcə, bir-birindən təcrid edərək onları rütbələrlə şirnikləndirmiş, nəticədə, böyük Vətən içəridən parçalanmaya məruz qalmışdı.

Əzizə xanım həm də klassik ədəbiyyat bilicisi və araşdırıcısıdır. “Fatma xanım Kəminə”, “Könül çırpıntıları”, “Azərbaycanın aşıq və şair qadınları”, “Şirvanın üç şairi”, “Mücrüm Kərim Vardani – Sünbülüstan”, “Hər budaqdan bir yarpaq” və s. kitablar gərgin zəhmətinin bəhrəsidir. Mən onun ictimai fəaliyyətindən də söz aça bilərəm. Əzizə xanım uzun müddət Azərbaycan Qadınlar Cəmiyyətinin sədri olub, neçə xarici ölkədə Azərbaycanı təmsil edib.

– Əzizə xanım, son illərdə Sabiri, Mirzə Cəlili inkar eləyənlər tapılıb. Sübut eləmək istəyirlər ki, Sabir və Mirzə Cəlil bu xalqın milli ruhunu ayağa qaldırmaqdansa, ona qəhrəmanlıq “dozası” aşılamaqdansa, mənliyini təhqir edib, alçaldıblar. Gərək bu sənətkarlar tənqid və ifşa yolunu tutmayaydılar, qəhrəmanlıq himnləri, fəxriyyələr qələmə alaydılar.

– Bu, ən azı nadanlıqdır. Sabir də, Mirzə Cəlil də əsrin o başından bu başına va hətta gələcəyimizə də işıq saçan dahilərdir. Onlar milləti sevmək və ayağa qaldırmaq üçün tənqid, islah yolunu seçmişdilər. Yeri gəlmişkən, deyim ki, inkarçılıq bütün dövrlərdə olub, istər ictimai-siyasi sahədə, istərsə də mənəviyyat aləmində. İranda olanda mənə dedilər ki, sizdən bir alim gəlmişdi, Cəfər Cabbarlını inkar edirdi. Dəhşətli deyilmi? Məsəl var, deyir, şeytan səndən əl çəkir, sən əl çəkmirsən.

Əgər tənqidə qalsa, onda gərək ruslar Qoqolu ədəbiyyatdan çıxdaş edəydilər. O millət ki özünün eyiblərini görür, bunu aşkara çıxarır, deməli, qüvvətli millətdir. Lakin son illərdəki açıq-saçıq, bir-birinin şəxsiyyətini, mənliyini ayağa salan “tənqid”lə əsl, sağlam tənqid arasında zəmin-asiman fərq var. Əsl tənqid intibah ruhunda olur – ayıldır, ayağa qaldırır. Onda sən mənliyini dərk edirsən, mübarizəyə səfərbər olursan.

– Əzizə xanım, ötən ilin son bazar günü – dekabrın 29-da 75 yaşınız tamam oldu. Bir qədər geciksək də, sizi “Panorama” qəzetinin bütün oxucuları adından təbrik edirəm. Allah Sizin bu müdriklik yaşınızın üstünə bir bu qədər də yaş artırsın. Qoy sonuncu sualı da verim: Siz xalqımızın güvənc yeri olan yazıçılarımızdansınız. Necə bilirsiniz, bu çətin, ağır günlər çoxmu davam edəcək?

– Təbrikə görə çox sağ olun! Mən də bu məmləkətin bir övladı, bir ana kimi əldə etdiyimiz müstəqilliyə ürəkdən sevinirəm. Bu müstəqilliyi illər boyu gözləmişəm. Biz onu qorumalıyıq. Şəxsən mən gələcəyə ümidlə baxıram. Əgər bircə gün, lap bircə saat bu inam qırılsa, yaşamaram.



Bakı, 8 yanvar 1997







Qırx ilə bərabər dörd il






Yenə də açıldı xatiratımın

Baharı andıran gül dodaqları…



Çoxdan, hələ II Dünya müharibəsindən əvvəl gözəl müəllim və insan, əsl sənətkar aktyor Kazım Ziyanın Xalq şairi Süleyman Rüstəmdən mənə – biz tələbələrinə əzbərlətdirdiyi “Xatiratım” şeirindən bu misralar yaxınlarda yenə yadıma düşmüşdü. Təsadüf elə gətirdi ki, həmin vaxt mənə zəng elədilər. Dedilər ki, Ağsu rayonu haqqında kitab buraxacağıq və siz də orada Çaparlı sovetliyində işləmisiniz, xatırladığınız bir şey varsa, mütləq yazın.

Yəni unutmuşam ki, xatırlayam da? Çaparlıda acılı-şirinli elə günlərim olub ki! Vəsfə gəlməz. Şair olsaydım, poema həsr edərdim o günlərə…

Yaxşı yadımdadır. Müharibə başlanandan bir az sonra qızları da səfərbərliyə almağa başladılar. Amma kəndlərdə və elə şəhərlərin özündə kişi müəllimlər müharibəyə yollandıqlarından məktəblərdə müəllim çatışmırdı. Odur ki, qızların içərisindən nisbətən müəllimliyə yararlı, savadlı olanları əsgərliyə aparmır, kənd məktəblərinə təyin edirdilər. Mənim baxtıma da Kürdəmir rayonu düşdü. Ora yollandım. Əlbəttə, anam məni tək buraxmayacaqdı.

Kürdəmirdə Maarif şöbəsində məni ömrümdə adını eşitmədiyim Çaparlı sovetliyi yeddiillik məktəbinə rus dili müəllimi təyin etdilər. Rus dilini o zaman yaxşı bilirdim. Məktəbdə isə müəllim yox imiş. O zaman Kürdəmirdə anamın Ağalarbəyli və Curuxluda Əlyarbəyovlar ailəsindən qohumları yaşayırdı. Onlar məni Çaparlıya apardılar. Çaparlı kəndi Kürdəmirə baxırdı. Hələ Ağsu rayonu təşkil olunmamışdı. Beləliklə, 1942-1943-cü dərs ilində sentyabrın birindən başlayaraq Kürdəmir rayonu Çaparlı yediillik məktəbində rus dili müəllimi kimi fəaliyyətə başladım. 1943-cü ildən – Ağsu rayonu təşkil olunandan sonra Kürdəmirlə əlaqəmiz kəsildi. Daha maaş, hansısa maarif işi, məktəbin tələbatı, iclas və s. üçün Kürdəmirə getməli olmurdum. Çünki gələn kimi məni dərs hissə müdiri, az sonra isə məktəbin direktoru təyin etdilər. Hər ay Kürdəmirə getmək zəhmətindən azad oldum. Amma hər halda Çaparlı kəndindən Ağsuya getmək özü də mənimçün çətinlik yaradırdı. Axı onda nə maşın, nə avtobus, nə trolleybus, nə də tramvay vardı. Bazar günləri bütün qadınlar bazara pay-piyada gedirdilər. Hərəsi o ağır, o aclıq illərində balalarının boğazından kəsib yığdığı beş yumurtanı, yarım girvənkə yağı… eh… Yada salanda və indi torpaqlarımızın əlimizdən çıxdığı bu illərdə o dolu bazarları görəndə gözlərim dolur. Ay yazıq arvadlar! Ərlər müharibədə, qardaşlar, atalar, oğullar gedib. Evin, uşaqların, bütün təsərrüfatın qayğıları anaların çiynində, hələ pambıq yığımı!.. Kimin həddi vardı ki, xəstələnə, ölüsünə üç, yeddi saxlaya? Toy üzü görmədim Çaparlıda. Pambıq yığımına biz müəllimlər də uşaqlarla birlikdə gedirdik. Cəhənnəm əzabı çəkirdi analar, qız-gəlinlər. Obaşdan durub lap kiçiklərçün yeməyə bir şey hazırlayır, balaca bağlamasına bir az şor-çörək qoyub tarlaya qaçır, yalnız hava qaralanda, itlə qurd seçilmədən deyərlər, o vaxt işdən qayıdardılar. Çörəklərini tarlanın çökəklərinin qırağına, arxın üstünə süfrə açıb yeyirdilər. Xırda körpəsi olanlar qundağı arxın qırağında, ya da çökəklərin birində uzandırar, “yatırdar”. O zamanlar Çaparlıda bircə ağac da yox idi, kölgəsinə uşaq qoyasan. Ağlayanda südsüz döşünün kitrəsini uşağa əmizdirir, ac körpə anasının damarlarından qanı sorurdu, elə bil. Qaranlıqda qayıdanda kəndin gözəlləri, elə təmizlik, səliqə sevən qadınların hamısı başlarını ya ayranla (Eh… ayran olanda uşaqlara dovğa bişirirdilər), daha çox gilabı çoğan


– nə tapsalar, bir aftafa su qızdırıb başlarını yuyur, ev-eşiyi yığışdırmağı unutmurdular. “Yorğunam” deyən, yorğunluğa baxan kimdi? Pambıq vətənin xilasıyçün bir nömrəli plan hesab olunurdu. Təkcə bunlar olsaydı, nə vardı ki? Bəs vergilər? İndi inanmazlar, amma toyuğun oldu-olmadı, yumurta, qoyunun oldu-olmadı, yun, qaramal heyvanın var-yox, ət, inəyin oldu-olmadı, yağ vergisi verməliydin. Bəzən bu vergiləri yığmağa biz müəllimləri də cəlb edirdilər. Yunu olmayan döşəyini boşaldırdı. “Təki orada balalarımızçün yaxşı olsun”, – deyirdi hamı. Tank kalonlarına hər rayon, hər sədr, hər kənd tank almalıydı, bunun da pulunu çox vaxt biz müəllimlər yığırdıq. Əlbəttə, raykomun göstərişi, təklifi və tələbiylə. “Yox” demək az qala “hitlerçi” olmağa bərabərdi.

Kəndlərdə, o cümlədən Çaparlıda odun, neft, qaz, işıq yox idi. Odunu uşaqlar (əlbəttə, məktəblilər) pambıq tarlalarında qalmış pambıq çöplərindən yığıb gətirirdilər. Bəzən pambıq planı dolmayanda, qış, qar-çovğun tez düşəndə (elə bil təbiət də insanların səbrini imtahana çəkirdi, qış elə tez düşür, qar, yağış çox olurdu) tufandan, çovğundan yığıma getmək mümkün olmasa da, gedirdi qadınlarımız. Açılmamış pambıq qozalarını yığıb gətirir, evlərdə təzəklə yanan yer-kərpic sobaların üstündə qurudur, şabalıd kimi partladıb içərisindəki pambığı “yığır”, təhvil verirdilər. Vallah, II Dünya müharibəsi illərində qadınların çəkdiyi zəhmət tonlarla romanlara sığmaz qadın əməyi hələ də lazımınca qiymətləndirilməyib. Ordunu geyindirən, yedirən, silahlandıran qadınlardı, o cümlədən Çaparlının o mehriban, zəhmətkeş, dözümlü, namuslu qadınları.

Tanıdıqlarımdan kimin adını unutmuşamsa, bağışlasın məni, qocalmağıma, hafizəmin zəifləməsinə çıxın, amma bunlar yaxşı yadımdadı: Səkinə, Xəndan, Güllü, Türfə, Ürfət, Şəkər, Şirinbikə, Nərgiz, Sahıb, Gülnaz, Böyükxanım, Anamxanım, Şeyda kişinin arvadı Narınc, Babacanın arvadı… Xeyrulla kişinin arvadı… Vallah, bağışlayın məni, Çaparlının, Qiyaslının, Daşdəmirbəylinin, Ağalarbəylinin, Curuxlunun anaları, qız-gəlini! Əgər hamınızı saysam, yadıma salıb yazsam, bir kitab olar.

Uşaqlar (ayaqyalın, başıaçıq olanlar vardı) oduna, başqa iş-gücə gedəndə məktəbə gəlməyəndə atı minib kəndləri gəzir, atdöşü gətirirdim uşaqları məktəbə. Bu kəndlərdə aclara əl tutan adam çox idi. Kimin nəyi vardısa, bölüşürdü. Tarlada “süfrə” açanda üç-dörd adamın bağlamasından çörək çıxır, qalanları “göy sıxması”, “göylü cad”, “jmıx”, “arpa qovurğası”, “şit şor” olurdu. Yazda bəlküm yeməkdən uşaqlar “ota düşür”, çətənə qovurub yeməkdən başgicəllənməsi tapırdılar. “Başaq” yığmaq da qadağaydı. İndi qədəri dəqiq yadımdan çıxıb, amma deyəsən, kimin əlində dörd yüz qram sünbül tutsalar, damlayırdılar. Belə bir müsibət kəndin ən qoca qadınlarından olan kimsəsiz Şəkər qarının başına gəlmişdi. Əlində sünbül tutub onu rayon mərkəzi Ağsuya aparmışdılar. Camaat xeyli narazı qalmışdı. O zamankı raykom katibi Hüseyn Mamedov, kənd sovet sədrləri Xeyrulla kişi, qonşu kəndlərin nüfuzlu sədrləri (həmişə planları doğruca doldurur, xalqın güzəranı qayğısına qalırdılar) Daşdəmirbəylidən Xasay bəy, Qiyaslıdan Əvəz kişi, qoca sakinlərdən Muradxan əmi, Abdulla kişi, Meşdağbalı əmi, Cəfər kişi və başqaları müdaxilə etdilər. Qarının vəziyyətini anlada, onu məhkəmənin cəngindən xilas eləyə bildilər.

Hər gün tarlada arvadlar yemək yeyən vaxt onlarçün qəzet oxuyurdum (başqa müəllimlər də: Ayişə müəllim, Nüybar müəllim və b.), əsasən, müharibə xəbərləriylə maraqlanır, qələbəni dörd gözlə gözləyirdilər. Hər dəfə qoşunumuz beş-altı kəndi alanda sevinir, böyük şəhərləri verəndə ağlaşır, kədərlənir, oradakı qadınların halına yanır, “yazıqlar” deyirdilər. Belə vaxtlarda bir az ruh yüksəkliyi qazanmaq, səbir, ürək-dirək verməkçün Səməd Vurğunun, Rəsul Rzanın, Məmməd Rahimin, Əhməd Cəmilin, o zamankı bütün şairlərin bu mövzularda yazdıqları vətənpərvər şeirlərini, Ordubadi, Əbülhəsən, Süleyman Rəhimov, Cahanbaxş, Mehdi Hüseyn, Ənvər Məmmədxanlı, Əli Vəliyev və başqalarının yenə də müharibə mövzusunda hekayələrini oxuyurdum. Faşist zülmünü təsvir edən nəsr əsərlərini oxuduqca qadınlar ağlayır, gözlərinin yaşını silib daha böyük qətiyyətlə, hikkəylə pambığı yığmağa girişir, elə bil düşmən boğazını üzürdülər. Qələbədən soraq verən səbir, mətanət təlqin edən əsərləri dinlədikcə qismən də olsa, sakitləşir, dərindən ah çəkib, yəqin ki, qəlbində öz əzizini də yada salır, ona da igidlik, qələbə, balalarının üstünə dönmək arzulayır, həsrət günlərinin başa çatmasıyçün daha əzmlə çalışırdılar. Həmişə o qadınlarımızın mətanətinə, səbrinə, dözümünə heyran qalmış, belə anaların övladlarına qələbə arzulamışam.

Vəziyyətim yaxşı deyildi. Hamı kimi mənimçün də ağır keçirdi. Həmişə hər şey tapa bilmirdim. Anam zəif, xəstəhal qadındı, işləmirdi. Kiçik qardaşım Əhməd məktəbimizdəcə oxuyurdu, şagirdimdi. Böyük qardaşım Məmməd (indi hər ikisi filologiya elmləri doktoru, professordur) yanıma gələndən sonra bircə o işləməyə başladı. Fermada hesabat işlərinə baxırdı. Yalnız bir-iki ay işləyə bildi. Yaşı düşməsə də, boyu yaradı, və onu əsgərliyə apardılar. Amma o işlədiyi zaman mənim bir məsələdə iştirakıma, nəsə bir xeyirxahlıq etməyimə səbəb oldu. Bir gün dedi ki, bacı, şagirdlərindən Gülhüseynin anası Türfə xalanı dolaşdıracaqlar. Fermada sağılan süddən nə qədərsə çatmır, ona görə yoxlama gəlmişdi. Mən də, kənd camaatı da yaxşı bilirdik ki, Türfə ölər, evinə haram aparmaz. Sadəcə öz tərəfindən yanına gəlib istəyən fağır-füqəra kənd adamlarına süd verib. Elə kolxoz sədri Sarı da bilirdi bunu. Amma fakt bu idi ki, südün camaata paylanması haqqında siyahı tərtib olunmamışdı. Hamısı Türfənin boynunda qalacaqdı. Əri cəbhədəydi, ailəsini tək dolandırırdı. Külfəti o dolandırsa da, Allah eləməmiş, balasını acından öldürərdi, bir qab kolxoz malına, lap elə süd olsun, dəyməzdi. Bu, həm də müharibə dövründə ən ağır günahlardan biri hesab olunurdu. Elə bil cəbhədəki əzizinin boğazından kəsib oğurlayırdın. Qərəz, Türfəni məktəbə, müdir otağına çağırtdırdım. Aramızda təxminən belə bir söhbət oldu:

– Kimlərə payladığın yadındadı?

– Əlbət ki, ay uçtel (rus dili müəllimi gəldiyimdən əvvəl də məni elə belə çağırırdılar), sədrin özü də yaxşı bilir, tapşırıb özü, hamısı da, qədəri də yadımdadı. Amma Sarı Tarı saxlamış sabah-sabaha saldı, sonra da yadından çıxdı, deyəsən. Düzəltmədi siyahını nə o, nə hesabdar.

Kağız-qələm götürüb Türfənin dediyi siyahını tutdum. Kimlərə nə qədər süd payladığını yazdım, müxtəlif xətlərlə qolladıq, əlimizə düşəni gizlicə çağırıb qol çəkdirdik. Qərəz, iş düzəldi, siyahı öz vaxtında komissiyanın qənşərinə çıxarıldı. Məsələ də qurtardı, getdi. Mən Türfəgildə, qonşuluqda olurdum. Anamxanım adlı bir əsgər ailəsinin boş otağını vermişdilər bizə. Gözəllər gözəli Ürfət adlı dayısı qızı vardı qonşuluqda. O da cavankən dul qalmışdı, əri əsgərlikdəydi. Kağızı da gəlmirdi, öldüsü-qaldısı bilinmirdi. Hər gün al obaşdan durub tarlaya gedirdi hamıdan əvvəl. Hamıdan sonra qaş qaralanda qayıdırdı. Elə mehriban, elə canlı-qanlı, sədaqətliydi ki. Əsgərlərdən gələn məktubları çox vaxt mən oxuyurdum özü oxuya bilməyənlərçün. Bu zaman Ürfətin gözlərində elə bir həsrət, intizar oxuyurdum ki! Bu nakam gözəl gəlinin övladı da olmamışdı ki, istəkli ərinin ətrini ondan alsın, başını qatsın. Odu ki, işi-gücü tarlada bacardıqca çox işləmək, pambıq yığmaqdı. Planını artıqlamasıyla yerinə yetirməyə can atır, elə bununla da, cəbhəyə yardım edirdi. Bütün arvadlar beləydi. İnanın ki, gülərüzlü, mehriban Narınc briqadir Şeyda bəyin arvadı olmasına baxmayaraq o kəndlərdə tanıdığım Çəltikçi, Rəhimağalı, Ağalarbəyli, Cuxurluda, Daşdəmirbəylidə, Ərəbqiyaslıda Gülüş, Şövkət, yaşlı qadınlar Xəndan, Şəkər, Dünyabəyim, Safra gəlinləri, Sahıb, kənd sovet katibi olsa da, Nərgiz, məktəbimizin xadimi olsa da, Güllü arvad, Əsəd kişinin arvadı Maya xanım, Böyükxanım, Səkinə arvad, Göhər və onlarla başqaları eyni fədakarlıqla işləyirdilər. Hələ üstəlik vergi almağa qapılarını kəsdirəndə axırıncı nələri vardısa, verirdilər: “Təki orda əzizlərimizçün yaxşı olsun” deyirdilər. Bu sözü dönə-dönə eşitmişəm ana-bacılardan.

Dediyim kimi, mənim də vəziyyətim hamınınkı kimiydi. Sovetliyin bəzi kəndlərinin vəziyyəti yaxşıydı, oralardan hamıya əl uzadan vardı. Dönə-dönə Daşdəmirbəylidə Xasay bəyin evində Camal bacıya qonaq olmuşam. İndinin özündə də arabir məni unutmayan, hərdən məktub yazan kiçik gəlinləri Maya xanımla dostluq etmişəm. Hər ay Xasay bəy mənə bir batman un göndərib. O və Qiyaslının sədri Əvəz. Bu iki nəfər olmasaydı, çörək sarıdan günüm qaraydı. Əvəz qardaş tez-tez, “bizim qarı səni görmək istəyir, elə kəndin qırağından gəlib uşaqları aparırsan, bir bizə gəl” – deyirdi. Getdim. Əvəzin “qarı” dediyi bu gözəl xanımı doya-doya, sevə-sevə xatırlayıram. “Qarı buymuş, Əvəz qardaş?” Əvəzin qardaşı müharibədə yaralanmış, Bakıya gətirilmişdi, Şüvəlan qəsəbəsinin indiki 156 saylı məktəbində (binasında yerləşən hospitalda) müalicə olunurdu. Cəbhəyə qayıdacaqdı. Əvəz kolxozu bircə saat da qoyub gedə bilməzdi, yanvar tətili idi, məndən xahiş etdi: bacısıyla birlikdə (yol-riz bilməyən, ömründə Qiyaslıdan kənara çıxmayan qadındı) Bakıya getdik. O zaman maşın filan yox idi. Olsaydı da, xüsusi iş üçün, hətta kolxoz sədrinin yaralı qardaşını görməyə bizə at da vermədilər. Sığırlıda qatara minməkçün dəvə kirələyib bizi yola saldılar. Gedəndə də, qayıdanda da bu bacı, mən və dəvəçinin macəralarımızı yazmaq xeyli çəkər.

Amma getdik də, qardaşı İbrahimi gördük də. Sonra o yenidən cəbhəyə qayıtdı. Gerisini bilmirəm.

Orada xoş xatırladığım adamlardan biri Xeyrulla kişiydi. Yamanca dostlaşmışdıq. Bir dəfə nədənsə məktəb müdirlərini Bakıya çağırmışdılar, Maarif Nazirliyinə. Xeyrulla kişi məndən xahiş elədi ki, onunçün bir papaq alıb gətirim. Söz verdim. Bakıya ABŞ-ın verdiyi studbekker maşınlarında gəlirdik. Ot tayalarının üstünə minir, otu saxlayan kəndirlərə sarılırdıq ki, Ağsu dolaylarında yıxılmayaq. 1942-ci ilin son günü, 1943-cü ilin əvvəli yaxınlaşırdı. Sürücülər bizi, yəni sərnişinləri “gizlin” daşıdığından adamları Bakıya çatdıranda Xırdalanda haqqını alıb düşürürdü ki, milisə rast olmasın. Cərimə verməsin. Xırdalandan Bakıdakı evimizəcən (Yuxarı Dağlıq küçəsi, indiki Abdulla Şaiq küç №80) pay-piyada gəlməliydim. Hamı da mənim kimi. Çarə nə idi? Gəlib evə çatanda xala bildiyim, anamın əmisi qızı, əlil və olduqca zəhmətkeş qadın İzzət bacının saatı gecə saat 11-i göstərirdi. Elə haldaydım ki, ot tayası məni elə hala salmışdı ki, İzzət bacı su qızdırıb yuyunmağı təklif edəndə sevindim. Evin ortasına iri ləyən qoydu. Daim işləyən divardan asılı radiosu xəbərlər verəcəkdi, dinləməyə hazırlaşırdıq. Elə suyu başıma tökən vaxt radio dilləndi: “Əziz dinləyicilər, sizi 1943-cü ilin gəlişi münasibətilə təbrik edirik”. Göz yaşlarım başıma tökülən suya qarışdı. Deməli, yeni ili teştin içində qarşılayırdım. Bir dəfə Qanada olanda yeni ili Atlantik okeanın sularında axşamüstü ora vaxtilə saat 6-da qarşılamışam. Bu iki yeni il yadımdan çıxmır. Qərəz, Maarif Nazirliyində işləri tamamlayıb, yeni vəzifə təyinatı alıb, Çaparlıya dönmək istəyəndə Xeyrulla kişinin papağı yadıma düşdü, aldım, apardım. Səhər Xeyrulla kişini bir neçə nəfərlə bərabər idarənin önündə gördüm. Təzə papaq başındaydı. Mübarək deyib soruşurdular:

– Hardan aldın, əyşi?

– Uçtel sağ olsun, Bakıdan gətirib.

Kimsə məndən soruşdu:

– Uçitel, a on dengi dal?

Mən gülə-gülə, məsəli tərcümə edə bilməyən sorğuya belə cavab verdim:

– Astalos na “arpa dəyən”.

Xeyrulla kişi rusca bilməsə də, “arpa dəyəni” bilirdi, cəld dedi:

– Vallah, ay uçtel, arpa dəyənə qalmayacaq.

Səhəri günü məktəbə gəlib papağın pulunu verdi.

Ağır günlərimin birində səhər yeməyə bir şeyimiz olmadığından ac qarına kiçik məktəbli qardaşım Əhmədlə birlikdə məktəbə yollandıq. Heç bir saat çəkmədi ki, Əhməd dərs dediyim sinif otağının qapısını kəsdirdi:

– Ana səni evə yeməyə çağırır.

Böyük tənəffüsdə evə gəldim.

– Ana, kimin yolunu kəsmisən?

– Heç kimin, ay bala! Daşdəmirbəylidən şagirdlərin – Mursaqulovlar bacı-qardaş gəlmişdilər, onlar gətirib.

Baş pendiri göndərilən qabdakı əla qaymağa batırıb yeməyə başladıq. Çörəyimiz yox idi.

– Heç padşah da belə nahar eləməyib, ana!

Mənə yaxından əl tutanlardan biri kəndin hörmətli adamlarından olan Ehtibar kişiydi. Onun arvadı Sahıb bacı, oğlu, əlaçı tələbəm Ağamayıl yadımdan çıxmır. Sədəf qarı, Qaliyə gəlinin əri cəbhədəydi. Haçan mənə at lazım oldu, Ehtibar kişi özünün yorğa, “qaragöz” adlandırdığım atını verirdi. Hara gərəksə, gedir, kəndlərdə qəzet oxuyur, vergi yığanlara yardım edir, müharibədən danışır, şeir oxuyurdum. Mənə bu ailənin böyük hörməti vardı. Bir gün rayona maaşa getmişdim. Səhər tezdən eyvanda əl-üzümü yuyurdum. Məktəbin zəngi eşidilirdi. Ehtibar kişinin arvadı Sahıb bacının qışqırtısını eşitdim:

– Ə-ə-ədə, ə-ə-ədə, Ağamayıl, Ağamayıl, ədə niyə məktəbə getmirsən?

– Uçtel maaşa gedib, ana, məktəbdə yoxdu.

– Ə-ə-ədə, uçteldən başqa məktəbdə ayrı miyəllim yoxdu? Ay səni həzrətabbasın beşaçılanına gələsən. Tez ol! Uçtel gecə qayıdıb, dədən atı bağladı töyləyə.

Məni gülmək tutdu Sahıbın qarğışına. Sonra ona dedim:

– Ay Sahıb bacı, həzrət Abbas vaxtında beşaçılan yoxdu, axı.

– Nə bilim, ay uçtel, dilimə elə gəldi. Nə bilim, tüfəng haçan çıxıb? Gözümü açıb görmüşəm.

Ağamayıl sonralar da məni unutmur, görüşümə gəlirdi Bakıda.

Məktəbimizin direktoru Əhməd adlı üzünün, əllərinin dərisi ala-tala olmuş bir yaşlı kişiydi. Böhtan dolu məktublar yazmışdı Bakıya – Maarif Nazirliyinə, hətta məktəbin xadiməsi Güllü bacı haqqında deyibmiş ki “olduğum evə girib, şalvarımı və tavayla məktəbə məxsus qəndi aparıb”. O vaxt biz uşaqlara şəkərdən bişirilmiş qəndlə çay verirdik. Əlbəttə, müdir məktəbdə olmayanda məcbur olub, ev sahibəsinin yanındaca qəndi aparıb məktəbə uşaqlarçün. Şalvardansa heç xəbəri yoxdu. Halal arvad idi, ehtiyac içində yaşasa da, heç kəsə xəyanət etməzdi. Bakıdan komissiya gəlib məktəbi, mənim, Güllü bacının haqqında yazılanları yoxladı və müdiri Çaparlıdan uzaqlaşdırdılar.

Bakıda o zaman maarif naziri olan Xalq yazıçısı Mirzə İbrahimov məni görəndə gülümsədi, dedi:

– Sənsənmi o Çaparlı müəllimi? Mən nazirliyə gəlmiş şikayət məktubunu oxuyanda bilmədim ki, orada yazılan “şayka” düzəldib “quldurluq eləyir” deyilən adam kimdir? Familyandan da bilinmir.

Mənim əzizim Nərgiz bacı həmin adam haqqında camaat deyən kimi kişini ləqəbilə adlandırıb özünə düşmən qazanmışdı.

Bir dəfə qapılar açıq, dərs keçilən vaxt ucadan demişdi:

– Ay uçtel hey… O “ala müəllim” idarəyçün kağız söz vermişdi. Hardadı?

Mən eyvana çıxıb işarə etsəm də, iş-işdən keçmişdi. Müdir bu “ala müəllim” ləqəbindən xeyli əsəbiləşmişdi. Əlbəttə, xəstə adam idi, gərək deyildi. Neynəyəsən, hamı necə, Nərgiz də elə.

Qoruyurdu məni hamı. Kolxoz sədri Sarı bir dəfə anama demişdi ki, “Müəlliməyə deyin, bəzi (adları özüm demirəm) evlərə çox get-gəl eləməsin, oturmasın oralarda. Bit basıb onları. Amma o da kasıblara əl tutmağa can atırdı. Lakin neynəsin ki, onun kolxozu Daşdəmirbəylidə Xasayın (iki qardaşı cəbhədəydi), Qiyaslıda Əvəzin kolxozları kimi çox da varlı deyildi.

Bacarıqlı, əlaçı şagirdlərim vardı: Gülhüseyn, Nuhu, Səfər, Mustafa bəyin oğlu Əli, Mursaqulovların oğlu… Məni bağışlayın, qız şagirdlərim! Sizin adınız ona görə yadımda qalmayıb ki, sakit idiniz, özünüzü müharibə dövrünün böyük bacıları, anaları kimi aparırdınız, məni incitmirdiniz, mən də sizi heç danlamırdım, adınızı tez-tez çəkmirdim oğlanlar kimi. Səfər teleqram və məktubları Ağsu poçtundan alıb eşşək üstündə gətirəndə hamınız, elə mən də sizinlə birlikdə uğunub gedirdik. Teleqram eşşək üstə gəlirdi. Ayrı nəqliyyat vasitəsi yox idi.

Çaparlı sovetliyindəki qardaşlarımız, atalarımız mənə də atalıq, qardaşlıq, cavanlarsa övladlıq ediblər: Curuğ kişi, Əsəd kişi, Yunus, Uruf, Əlməhəmməd, Aslan… Sonralar onların övladları və başqaları məni unutmadılar. Çaparlıdan Muradxan kişi, Babacan, Abduləli və başqaları da eləcə. Necə deyim ki, xeyli əvvəl başım müdafiələrə, kitablara qarışdığından elə bilirdim ki, Çaparlı camaatı məni unudub. Günlərin birində poçtdan mənə bir bağlama gətirdilər. İçərisində əla narlar vardı. Yaqut dənəli behişt meyvəsi. Allah, bu kimdəndi, hardandi? Bağlamada kiçik bir məktub vardı: “Əzizə müəllimə! Bax, gör, qanqaldan başqa gül bitməyən, pambıqdan başqa ağac yetirməyən Çaparlıda necə narlar yetişir? Bunu bilməyinizi istədim”. Yazan əlaçı şagirdim, indiysə həmin məktəbin direktoru Gülhüseyn Rüstəmovdu. İlahi! Deməli, məni Çaparlıda hələ unutmayıblar. Sevincimi təsvir edə bilmirəm. Orada yeni məktəb tikilib və keçmiş şagirdim Gülhüseyn, nəinki müəllimdir, hətta həmin məktəbin direktorudur!.. Bundan böyük xoşbəxtlik olarmı müəllimçün?!

Çaparlıda cəmi dörd il yaşayıb işləmişəm, amma elə bil ki, qırx il ömür sürmüşəm orada. Gözəl insanların xasiyyətinə bələd olduğum kimi, bir sıra adət və ənənələrimizi orada öyrənmişəm. İlk dəfə “Çillə çıxarmaq” adətini orada görüb “Aləmdə səsim var mənim” romanımda təsvir etmiş, Türkiyədəki çıxışlarımda haqqında danışmışam. İndi bəzi adamlarda namərdlik, fırıldaq, satqınlıq, “özüyçün qapışdırmaq” kimi xislətləri görəndə o günlər nə qədər ağır olsa da, o müqəddəs günlər, o son tikəsini qəriblə, ehtiyacı olanla bölüşən müqəddəs bacı və qardaşlarım yadıma düşür. Acı da olsa, o günləri xoş xatirələrlə yada salıram. Sağ olsun bu kitabı tərtib edənlər ki, mənə o qırxa bərabər dörd ili yenidən yaşatdılar. Çaparlı sovetliyi kəndlərindəki camaatdan çox şey öyrənmiş və yeri düşdükcə romanlarımda işləmişəm. O adamlar kiçik ilahələrdir: o qadınlar mənə səbir, dəyanət, dözüm, çətinə düşənə əl tutmaq dərsi verdilər – övladlarına verdiyim dərs əvəzində. O zaman Çaparlıda kim mənə bir piyalə süd, şor, bir sərnic ayran, iki büküm yuxa veribsə, bilirəm ki, məcburən yox, ürəkdən özü istəyib verib, halal edin mənə! Dünyasını dəyişənlərə böyük Allahımızdan rəhmət diləyir, sağ-salamat qalanlara – məni yada salanlara uzun və sağlam ömür arzulayıram. Sağ olun, Allah amanında.



Bakı, 1997







Atam – Kərbəlayi Məhəmməd






Atam yamanca at sevən idi, həmişə 5-6 atı olurdu (irili-xırdalı). Bunların içində əvvəl Kəhər day, sonra da Bozat onun sevimli minik atları idi. Boz madyan, qara madyan daima yadıma boğaz gəlir. Analığım onları minməyə qoymaz, “bala salar” – deyərdi. Mən də onları sulamaq üçün Pirsaata aparanda minməz, elə noxtanın ucundan yapışıb aram-aram təpədən çaya enən cığırla gedərdim. Bu məni heç fərəhləndirməzdi. Əsl bayramım atam kənddən, ya şəhərdən qayıdanda olurdu. Bu zaman o, atın yəhərini alan analığıma yəhəri yerləşdirmək haqqında əmrlər verə-verə mehriban, hər şeyi anlayan qonur gözlərlə mənə baxardı. Mən isə Kəhər dayın, ya da Bozatın yüyənindən tutub gözləyər, suya aparmazdan əvvəl həyətdə təri soyutmaq üçün o baş-bu başa gəzdirərdim. Atın kifayətcə soyuduğuna nəzər yetirən atam çoxdan həsrətlə gözlədiyim əmri verərdi:

– Di apar…

Elə buna bənd idim, çılpaq ata sıçrayıb, yüyəni əlimə dolar, boynumu Kəhərin qara yalına tərəf əyib götürülər, analığımın “Allah, sən saxla” çığırtısına da qulaq verməzdim. Kəhərlə bir-birimizi elə başa düşürdük ki, elə bil iki canda bir qəlb idik. Yalına yatanda canımız birləşir, ürəklərimiz bir döyürdü. At məni götürüb yorğalayır, evdən aralanan kimi ayağımın yüngül hərəkətindən məqsədimi anlayıb dördnala çapırdı, hayıf ki, özümü qartal kimi hiss etməyim heç üç dəqiqə də çəkmirdi. Evimizdən Pirsaata qədərki məsafə Kəhər üçün nə idi ki?.. Kəhər suya girəndə tələsmir, aram-aram suyun ən təmiz yerinə irəliləyir, qara, yumşaq dodaqlarını dibindəki ağ xırda daşlar belə görünən bərrak


suya salıb sümürür, arabir başını qaldırıb qarşı sahildəki çəmənə baxır, bala-bala ona mane olan yüyənin kəmçəsini göyşəyir və bu zaman onun qara dodaqlarından şeh kimi parlaq damcılar axıb şıppıltı ilə çaya tökülürdü. Bu zaman Kəhərin boynuna doğru əyilib, yüyənin kəmçəsini ağzından çıxarıb burnunun üstünə tərəf itələyəndə minnətdarlıq duyulan səslə yavaşdan kişnəyir, sonra yenə su içməyə cumurdu. Kəhər suyu içdikdə böyürləri aşkarca qarnına tərəf sıxılmış qıçlarımın altında qalxır, sanki qovuqlanırdı… At suyu içib doyandan sonra dal-dalı geriləyir və sudan çıxırdı. Bu zaman onu evə tərəf deyil, kəndin arxasındakı Ağuçqundan İncəbelə tərəf gedən düz yola döndərir və daimi marşrutuma bələd olan at dördləmə götürülür, Pirsaat vadisində əsən mehdən də sürətlə irəli uçurdu. Yol dağın döşünə, kəndimizin qəbristanı başlanan yerə qədər uzanırdı. Burdan o yana Şamaxı poçt yoluna çıxan cığıra keçməyib, atı kəndə qaytarır və bu 5 dəqiqəlik yolu bir neçə dəfə o baş-bu başa çapıb kəndə, evimizin qabağına gəlirdim. Kəhərin çaparağında evin daşı titrəyirdi. Analığım məni “Allah, sənə şükür”lə qarşılayır, atam bir söz demədən yüyəni əlimdən alır və atı tövləyə çəkirdi. Burada hər ikimiz köməkləşib onu qaşovlayır, yalını səliqəyə salır, məxmərlə tozunu alır və qarşısına arpa-saman tökürdük. Kəhərə arpa verməyi atam heç kəsə etibar eləmirdi. O, qədərincə arpanı xəlbirə götürüb tövlənin qapısına işığa gəlir, bir də xəlbirləyir, içinə düşən daş-kəsəyi diqqətlə seçir, sonra axurun yanına gəlib, sağ əllə səbirsizliklə ayağını yerə döyən atın boynunu şappıldadır, aram səslə kişnəməsinə gülümsəməklə cavab verib, sağ əlilə samanın ortasını çalalayır və səliqə ilə arpanı bura tökürdü. Kəhər qara, yumşaq dodaqlarını qılçıqlı arpanın üstünə elə yumşaqlıqla basırdı ki, elə bil arpa deyil, olduqca yumşaq nəsə götürür.



2000-2003









Məşədi Böyükağa və Hacıağa əmilər









Mənə çox vacib olan iki kiçik hadisəni danışmaq istəyirəm. Bunlar Meşədböyükağa əmimin qardaşı Hacıağa əmimin həyatı ilə bağlı, anektoda bənzər bir şey olsa da, olmuş, həqiqi, biri gördüyüm, biri də atamın gördüyü, danışdığı hadisədir.

Çox qəribə kişi idi. Balacaboy, arıq, cılız idi, amma çox biliyə malik, sərt səsnən danışan kişi idi, çığıra-çığıra. Əsəbi adam idi. İki də arvadı var idi. Bir gün bu arvadlar dalaşır, nə təhər olursa, bu gəlir arvadları ayırmağa:

– Ay köpək qızları, bəsdirin, – deyib arvadları ayırmaq istəyəndə arvadlar bunu itələyirlər, evdə də yaxında yekə ehsan qazanı var imiş, kişinin arxa hissəsi düşür ehsan qazanının içinə, əlləri və ayaqları qalır bayırda, çığırır, – Ay köpək qızları, əl verin mənə, durum.

Arvadlar ikisi də başlayırlar gülməyə və heç birisi əlini uzatmır. Elə bu dəmdə Meşədböyükağa girir içəri, görür bu kişini. Bunu da qah-qah tutur, ancaq hər halda böyük qardaşıdı, əlini uzadır qaldırsın. Deyir:

– Əşi, day bundan sonra bu qazanda ehsan bişirmək doğru deyil. Sən o qazanı xarab elədün.

İkinci hadisə özümlə əlaqədardı.

Həmin Meşədböyükağa əmim Badam bibimi, yəni özünün əmisi qızını qaralamışdı. Meşədböyükağa əmi, ümumiyyətlə, hansı kəndə, hansı rayona gedirdisə, orada bir ev tikir, siğə eliyirdi özü üçün mütləq. Bir gün mənə doktorluğu müdafiə eləyəndən sonra dedi ki, artıq alimliyini təsdiq edirəm, sənin kəsdiyin kəbinə dururam. Bibinin kəbinini kəs. Al bibivi mənə. Dedim, baş üstə.

“Yox” deyə bilməzdim. Gəldim. Badam bibi bizə gəlmişdi. Dedim, bibi, bəs Meşədböyükağa əmi səni istəyir və mənim kəsəcəyim kəbinə durur. Dedi:

– Nə deyirəm ki, mən də razıyam. Amma bir şərtlə. Əmindən soruş ki, sabah bazara gedəcək, dolu zənbilnən əvvəl mənim qapımdan içəri girəcək, ya Tutunun?

Tutu əmimin birinci arvadı, öz dayısı qızı, kəbinli arvadı idi. Bütün övladlarının anası idi. Çox mehriban, gözəl insan idi.

Bir dəfə Meşədböyükağa əmim bizə gələndə növbəti dəfə (tez-tez gəlirdi) soruşdum ki, əmi, sən hansı qapıya gedəcəksən? Bibim deyir, bazardan gələndə səbətnən, zənbilnən əvvəl hansı evə gələcəksən? Badam bibinin qapısından girəcəksən, ya Tutu əmidostumun? Dedi ki:

– Bıy, əlbəttə, öz evimə, Tutunun yanına.

Dedim:

– Hə, onda bibimnən əlini üz.

Bu söhbətdən bir qədər sonra kəndə getmişdim. Tava kəndində bizim qədimdən bir ailəvi dostumuz var idi. Rza kişi, karvançı idi. Qədimdən karvanla bağlı bir sıra şeylərin əksəriyyətini ondan eşidib öyrənmişdim. Həmin bu Rza kişinin çox gözəl xanımı var idi. Zərif, qəşəng qaraca kənd qadın idi. Amma çay üstündə


bişən beçə çığırtmasını onun kimi bişirən olmurdu, özü də bilirdi ki, bunun aşiqiyəm. Təcili surətdə beçə çığırtmasını hazırlayıb, elə gətirib tavanı ortaya qoyanda bu yandan Qubalıdan (1-2 kilometrəcən araları var idi), Zahacalı əmim gəlib çıxdı. Ay xoş beş, on beş, ay dayı nəvəsi, səni xoş gördük. Məni qucaqlamaq, öpmək, dəm-dəstgahnan təbrik eləmək… Yan-yanaşı əyləşdik. Başladıq beçə çığırtmasını bismillah eləməyə. Dilim dinc durmadı. Tikələri çeynəyə-çeynəyə dedim ki, əmim Meşədböyükağa alimliyimi təsdiq eləyibdi. Deyir ki, sənin kəsdiyin kəbinə dururam. Badam bibini mənə al.

Elə bu sözü demişdim ki, elə bil bu balaca kişiyə barıt qoydular altından, partladı qalxdı ayağa. Çığırdı:

– Əmim qızı istəklim, deyiklim idi. Nə ixtiyarı var onun?

İndi ha deyirəm ki, ay kişi, nə Badam bibi razı oldu, nə mən kəbin kəsmişəm, nə almışam. Kişini sakitləşdirə bilmirik. Rza kişi də arvadı Zabta əmidostu da gülə-gülə oturub baxırlar. Axırı Zabta əmidostu (çox qayğıkeş qadın idi) dedi:

– Əşi, otursana aşağı, çörəyini yeginən. İndi nə alan var, nə satan. Qıza haram eləməginən yediyini, özün və qızı da, qoysana çığırtmasını yesin.

Beləliklə, yarıküsülü ayrıldıq.

Deyəsən, bu elə axırıncı görüşüm idi onunla.



1999-2001























MÜƏLLİMLƏRİ







Mənim birinci şeyxim – Hacı Şeyx Fərəcullah Zeynalabdin oğlu Pişnamazzadə






Əslində, birinci müəllimim anam olub. Ərəb əlifbası hərflərini, türkcə çap kitablarını, xüsusilə, olduqca asan oxunan “Molla Nəsrəddin” jurnalının evimizdə olan bağlılarını oxumağı mənə o öyrədib. Evdə dərs verərdi, bir neçə şagirdi vardı. Mən də o cümlədən. Amma bu, hələ olduqca az idi. Onun fikrincə, ərəb dilini, Quranı oxumağı öyrənməli, əsl müəllimdən dərs almalıydım. 1945-1946-cı dərs ilində Maarif Nazirliyi tərəfindən rayonda işlədiyim Çaparlı kənd məktəbinin direktoru vəzifəsindən azad olub, ali təhsil almaq üçün Bakıdakı evimizə qayıtmış, uğurla imtahanları verib, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdum. Lakin mənə cəmi bir-iki ay oxumaq, parta arxasında oturmaq nəsib oldu. Səbəbini bir az aşağıda izah edəcəyəm. Elə bu zaman anam məni məhəlləmizdəki Şəkili Axund adı ilə tanınmış Aşağı Dağlıq küçəsində bizim evə yaxın mövqedə yaşayan Hacı Şeyx Fərəcullah Zeynalabdin oğlu Pişnamazzadənin evində (əlbəttə, gizli şəkildə) oxumağa – dərs almağa qoydu. Nurani simalı gözəl insandı. Aşağı Dağlıq küçəsilə Bir may küçəsinin kəsişdiyi tində olan ərzaq mağazası yanında çox vaxt onu məhəllə ağsaqqallarının əhatəsində görərdim. Tanıyırdım. Qışda əynində Xorasan kürkü, yayda əba olardı. Sonralar öyrəndim ki, ərəb dili və Quran dərs müəllimim 1870-ci ildə Şəkinin gəncəlilər məhəlləsində dünyaya gəlib. İyirmi il İraqın Nəcəfin-əşrəf və Kərbəla şəhərlərində təhsil alıb, axund Şeyx Fərəcullah adıyla xalq arasında geniş şöhrət qazanıb. Tehrandaykən Həsən xanın qızı, beş qardaşın bircə bacısı Rübabə xanımla evlənib. Hələ Nəcəfdəykən şərq təbabətiylə maraqlanıb, həkimlik də öyrənməyə başlayıb. Bunu biləndə təqaüdünü kəsiblər: “Bizə molla lazımdır” – deyiblər. Əvvəlcə Şəkidə fəaliyyət göstərib, 1930-cu ildə Bakıya köçüb. Kitabxanasında İbn Sinanın əsərləri və onlarla tibbə, nücuma


, fiqhə


aid kitablar varmış, 1952-ci ildə Şeyx cənabları vəfat etdikdən sonra oğlu həkim Müctəba onları məscidə verib. Qızları Siddiqə orta məktəbdə biologiyadan dərs deyib. O biri qızı Məqbudə xanım həkimdir. Şəkidə qızını hələ o zamanlar Qız Gimnaziyasına aparıb qoyanlardan biri, bəlkə də, birincisi şeyx özü olub. Beş balasının hamısını ali təhsilli, savadlı, millətinə xeyir verən nəcib insanlar kimi böyüdüb. Bu gün nəvəsi Nemət Məmmədəli oğlu BDU-da fizikadan dərs deyən dosentdir. Oğlanlarından beşi də II Dünya müharibəsində iştirak edib. Cavad adlı oğlu isə Mozdokda tankın içində həlak olub. Şəkidə qızlar üçün məktəb açıb. Öz qızlarını də həmin məktəbə oxumağa qoyduğundan qaragüruhun məzəmmətlərinə məruz qalıb. Elə tərəqqipərvər fəaliyyətinə görə də, bəlkə, o vaxtı “allahsızlar” ona toxunmayıblar.

Ərəb dili və Qurani-Kərim müəllimim, sən demə, ədəbiyyatımızı, təkcə öz ədəbiyyatımızı öyrənməklə qalmayıb. Onun rus ədəbiyyatına bələdiyyəti və Lev Tolstoyla yazışması məlumdur. O, Lev Tolstoyun iki məktubuna cavab yazıb. Bu, o zaman idi ki, Lev Tolstoy “Hacı Murad” əsəri üzərində çalışır və İslam dini qanunlarıyla maraqlanırdı. Tolstoy, Şeyx Fərəcullahdan İslam dininə aid xeyli şey öyrənib və bu dinə müsbət münasibətində Şeyximin böyük rolu olub. Həmin məktublar Tbilisinin Tarix muzeyindədir. Əliaçıqlığımız, qonaqpərvərliyimizlə bağlı Qərbin məşhur şəhərlərinə aparılan, səpələnən qədim əlyazmalarımız kimi bu məktubların da taleyi beləcə olub, hələ lazımınca əldə edilib tədqiq olunmayıb.

Amma Şeyximin o zamanın ən məşhur şəxsiyyətlərindən olan “Molla Nəsrəddin” məcmuəsinin baş redaktoru Cəlil Məmmədquluzadə ilə yazışması geniş oxucu kütləsinə Mirzə Cəlilin 1985-ci ildə çap olunmuş “Seçilmiş əsərləri”nin 6-cı cildindən məlumdur. Bu məktublardan aydın olur ki, Şeyx Fərəcullah cənablarıyla Mirzə Cəlil arasında dərin, səmimi dostluq, get-gəl olub. Bir-birinin ailə, oğul-uşaq qayğılarından xəbərdar olublar. Hətta Mirzə Cəlil ailəsi ilə birlikdə Şəkidə Şeyxin evində qonaq da olub. Görünür, ədib Bayram Bayramov “Karvan yolu” romanındakı bir bütöv fəsli həmin hadisələrə həsr edərkən məhz dediyimiz məktublardan istifadə edib. 21 noyabr 1922-ci ildə Mirzə Cəlilin Şeyxə yazdığı məktubdan aydın olur ki, axund dostuyçün meyvə göndəribmiş. Mirzə Cəlil zarafat duyulan ailəvi hal-əhvaldan sonra onu “Fəzilətli Fərəcullah Pişnamazzadəyə” müraciətilə başladığı məktubda yazır: “… Nuxu (Nuxa, Şəki) dünyasını mən həmişə sizdən ibarət bilmişəm və bilirəm. Sizi mən böyük bir yadigar hesab edirəm və hər bir şey öz qaydasınca – əgər qız tərbiyəsi bizim gələcəyimiz üçün əsaslı bir məsələdir, bu məsələ dairəsində Sizin məqamınız birinci, yəni ən yuxarı mərtəbədə tutulmalıdır. İndi bilmirəm, nə vəziyyətdəsiniz, nə məşğələdəsiniz! Bəlkə, Siz də mənim kimi bir qədər yorğunsunuz və bəlkə, mənim kimi Siz də az-maz məyussunuz? Ancaq Nuxu ətrafında gurultulu qız tərbiyəsi söhbətinin birinci dəfə kimlərdən qulaqlara gəlib çatması heç yaddan çıxılası deyil. Uşaqlara atalıq salamı, sizə qardaşlıq xeyir-duam. Sağlıqla yaşayın, qardaşım. Cəlil”.

Məktubdan Şeyxin açdığı qız məktəbi ətrafındakı hay-küy, təqiblərdən başqa əgər cümlələrin altını oxusaq, görərik ki, Mirzə Cəlil və eləcə də Şeyx cənabları ictimai quruluşdan nələr çəkib, necə “yorğun”durlar, nədən “məyus”durlar. O illərdə cərəyan edən ictimai hadisələri yada salsaq, dövrün hər iki şəxsiyyətinin nə kimi təqiblərə məruz qaldıqları anlaşılacaq.

İkinci məktub 12 aprel 1923-cü ildə Şəkiyə göndərilib. Ömrü uzunu mollaları, xurafat əsiri rövzəxanları, ümumiyyətlə, yalançı din xadimlərini qamçılayan, “Molla Nəsrəddin”in hər sayında dövrün tanınmış irticaçı mollalarını tənqid atəşinə tutan Cəlil Məmmədquluzadə Şeyximə belə müraciət edir:

“Misli-bərabəri az olan fazili-həqiqi axund Fərəculla Pişnamazzadə həzrətlərinə” (Görün mənim müəllimim – şeyxim necə bir şəxsiyyət olub). Məktubdan aydın olur ki, Şeyx Fərəcullah cənabları Mirzə Cəlilin yaradıcılığına, “Molla Nəsrəddin” nəşrinə yüksək qiymət verirmiş.

Mirzə Cəlil yazır:

“Hər iki məktubunuz yetişdi. Nəhayət şad oldum. Məni bu dərəcədə qiymətləndirməyiniz barmaqlarıma artıq bir qüvvət verir. Çünki bu kifayətdir ki, Siztək nadirül-vücudlar cızma-qaralarımızı təqdir edirsiniz”. Cəlil Məmmədquluzadə Şeyx Fərəcullahın qız məktəbləri və öz qızlarını oxutması kimi o zamanlar çox çətin, ağır təqiblərə məruz qalan fəaliyyətinə, həm də onun ədəbi əsərlərə, yazıçının ədəbi-ictimai fəaliyyətinə verdiyi diqqəti yüksək qiymətləndirirdi. Bir də Mirzə Cəlilin “nadir şəxsiyyət”, “fəzilət sahibi” və s. kimi ifadələri əbəs deyildi, adi nəzakət qanunları deyildi. Şeyxim zəmanəsinin bir sıra qaragüruhçu mollalarına əsla bənzəmirdi. Maarifpərvər, xalqını sevən, millətinin inkişafına candan yardım etməyə çalışan, eyni zamanda hərtərəfli biliyə malikdi. O fiqhi bildiyi kimi, tibbi, astronomiyanı və başqa elmləri dərindən öyrənir və həyatda gənc nəslin inkişafına, tərbiyə verdiyi, hamısını ali təhsilli gördüyü balaları kimi, millətin gələcəyi olan gənc nəslin də beləcə inkişafına çalışırdı.

İndi deyə bilərəm ki, bax, ilk dini təhsil müəllimim belə şəxsiyyət idi və anam məni onun yanında dərsə qoymaqda əsla səhv etməmişdi. Ancaq təəssüflər olsun ki, Şeyx Fərəcullah Pişnamazzadənin – o vaxtlar Qafqaz müsəlmanlarının şeyxülislamının müavini olan müəllimimin yanında çox oxuya, dərs ala bilmədim.

İrəlidə dediyim kimi, heç yenicə, böyük həvəslə daxil olduğum universitetin filologiya fakültəsində də oxuya bilmədim. Əlimdə o zaman “xalq düşməni” hesab olunan ərəb əlifbası ilə kitab tutdular. Kitab Türkiyədə çap olunan siyasətdən uzaq adi roman idi. Onu mənə gözəl şair və mənim texnikumdaykən ədəbiyyat müəllimim olmuş Osman Sarıvəlli vermişdi. “Hardandır bu kitab səndə?” – deyə 2-ci şöbə soruşanda Osman müəllimin adını vermədim, “Atamın kitablarındandır” – dedim. Atam isə 1939-cu ildə artıq vəfat etmişdi və KQB onu məzarından qaldırıb kitab məsələsini “həll edə” bilməyəcəkdi. Osman müəllimin adını versəydim, “gənc nəslin, komsomolçunun tərbiyəsinə xələl gətirir” deyə çək-çevirə salacaq, bəlkə, tutacaqdılar da. Qərəz ki, həmin kitaba görə məni universitetdən qovdular. Doğrudur, sonra, o vaxtlar maarif naziri olan Xalq yazıçısı Mirzə İbrahimovun müdaxiləsi, rektorumuz gözəl insan və alim, professor Qarayevin və dekanımız şair Məhəmməd Hadinin bacısı oğlu, şübhəli şəkildə həlak olmuş Həbibulla Səmədzadənin yardımıyla məni universitetə ekstern yolu ilə qaytardılar. Amma artıq parta, mühazirələr görə bilmədim. Universiteti ekstern yolu ilə bitirdim. Deyə bilərsiniz ki, bunun Şeyx Fərəcullah həzrətlərinə nə dəxli var? Bilavasitə dəxli var. Anam bu hadisədə KQB müdaxiləsi və çək-çevirə salındığımı görüncə Şeyxi qorudu. Məni ondan ayırmalı oldu. Çünki Allah eləməmiş, onun mənə gizli dərs verdiyi bilinsəydi, çək-çevir daha da uzanacaq, qəlizləşəcək və şübhəsiz ki, Şeyxə ziyanı dəyəcəkdi. Dərsim yarımçıq qaldı. Amma bu gün də o ilk müəllimimin dərsarası söhbətləri, izahatları gözümün önündə canlanmaqda, sırğa olub qulaqlarımdan asılmaqdadır. O elə mehriban, elə həlim, elə bağışlamağı, günahı əfv etməyi bacaran adam idi ki!.. Mənim kimi nadinc, intizamsız şagirdə necə dözdüyünə indi də heyranam. O mənə təkcə çərəkə, Quran oxumaqla qalmırdı. Həyatda rast gələcəyim və gəldiyim hadisələri elmin anlaya biləcəyim başqa sahələri haqqında ağ bığları arasından incə təbəssümlə tərpənən dodaqlarıyla elə izahatlar, məlumatlar verirdi ki, indi də yadımdadır. Şeyximin dərsə hazır gəlmədiyim, verdiyi yazıları yazmadığım günlərdə bu bığaltı təbəssümlə, həlim səslə “neynək, sabah yazıb gətirərsən. Yükün ikiqat artıq olacaq amma. Dünənki, bugünkü tapşırıq. Az deyil ki? Bəlkə, çoxdur, azaldaq?” deyirdi. Qıp-qırmızı qızarar, bu nəcib insanın, bu səmimi, bağışlaya bilən müəllimin, yüksəkdən səsini eşitmədiyim kişinin demədiyi, göstərmədiyi iradı məni içdən qovururdu. Mənə çoxlu ərəb məsəlləri öyrətmişdi. Onları sonralar ədəbi yazılarımda – roman və povestlərdə işlətdiyim olub. Dərslərimiz dini mahiyyətdən çox ədəbi səciyyə daşıyırdı, şeirlə, nəsihətamiz məsəl və atalar sözləri ilə keçirdi.

Şeyximdən dərsdə ayrılsam da, əlaqəm kəsilmədi. “Molla Nəsrəddin”, “Qadın azadlığı”, Sabir, Mirzə Cəlil və başqa yazıçılarımızın, şairlərimizin qadın məsələsiylə bağlı məqalələrini, ümumiyyətlə, qadın məsələsində marağımı təmin etmək üçün tez-tez ona müraciət edir, Quranın harasında, hansı surəsində bu haqda nələr deyildiyi, Allah kəlamında qadın məsələsini öyrənmək üçün evinə gedirdim. Ona birinci belə müraciətlə yolda – Aşağı Dağlıq küçəsi ilə Bir may küçəsinin kəsişdiyi yerdə yaxınlaşdım. Dediyim kimi, ağsaqqalların əhatəsində dayanmışdı. Aralıda durub intizarla tək qalmasını gözləyirdim. Başa düşdü ki, ona nəsə demək istəyirəm. Ətrafındakılara nə dediyini bilmirəm, ondan bir addım kimi aralandılar. İşarəylə məni yanına çağırdı. Gəlib mətləbimi deyəndə nazik-nazik, xəfifcə gülümsədi:

– Mübarək olsun, – dedi, – eşitdim, müdafiə eləmisən. Amma evi ki tanıyırsan. Qapım həmişə üzünə açıqdır. Belə suallara küçədə cavab almaq…

Sözünü bitirmədi. Sonralar onlara ara-sıra gedər, məni narahat edən maraqlandığım fiqhə, təfsirlərə dair suallarıma cavab alardım. Xüsusilə, Mirməhəmməd Kərim axundun tərcümə və təfsir etdiyi türkcə üçcildlik Quranı əldə edib alıb oxumağa başlayandan sonra heç vaxt cavabsız qoymadı məni. Heç vaxt o nadinc şagirdinə ağır üz göstərmədi. Rəhmətlə yad edirəm.

Aspiranturada mərhum Əli Azəri, Ələsgər müəllim mənə dərs deyəndə, sonralar romanlarda tarixdən bəhs edəndə və din xadimləriylə üzləşməli olanda Şeyximin dərsləri mənə xeyli kömək edirdi.

Xüsusilə, “Aləmdə səsim var mənim” romanında Seyid Əzim Şirvanini müdafiə edən, yalan olmasın, Sovet dövrü nəsrimizdə, bəlkə də, yeganə müsbət din xadimi surətini yaradanda Axund Hacı Şeyx Fərəcullah Pişnamazzadə gözlərimin önündə canlanıb həmişə. Axı mən Ağa Seyid Əli ağanı görməmişdim. Amma eləcə onun kimi tərəqqipərvər ruhani surətli Şeyxim gözlərimin önündəydi. Mənə elə gəlirdi ki, Ağa Seyid Əli ağa məhz şeyxim kimi belə hərəkət edə, belə danışa bilərdi.

Hər ikisinə Allahdan rəhmət arzulayıram. Hər ikisinin ruhu şad və bizə duaçı olsun Allah qarşısında.

Mən onu belə görmüşəm, belə nurani xatırlayıram. Allahın rəhməti səninlə olsun, Şeyxim.

Bakı, 15-18 yanvar 1998



Şeyxülislam Şeyx Mirmöhsüm Ağayla görüşlərimdən






Əslində, ərəb əlifbası, fars dilini öyrədən altı müəllimim olub: birinci anam, ikinci Hacı Şeyx Fərəcullah Zeynalabdin oğlu Pişnamazzadə, üçüncü Şeyx Mirmöhsüm Şeyx Əli oğlu Həkimzadə, dördüncü Əli Azəri, beşinci Məmmədağa Sultanov və altıncı Fazil Seyidov. Bunlardan yalnız ikisi – əvvəlcə Şeyx Mirmöhsüm cənabları ərəbcədən, sonra da aspiranturada Əli Azəri mənə farscadan müntəzəm dərs deyib.

Bizim qədim, XIX-XX əsrlərdə fəaliyyət göstərən qabaqcıl fikirli vətənsevər ruhani alimlərimiz Şeyxülislam Əhməd ağa Səlyani, Axund Turab, Axund Mirməhəmməd Kərim, Şeyx Qəni, Axund Yusif Talıbzadə və b. haqqında ruhani atalar və ruhani mətbuat zaman-zaman söz açıb. Məhz onlar İslamın mütərəqqi cəhətlərini xalqa çatdırmaqda böyük işlər görüblər. Belə alimlərdən biri də O idi. Şeyx Mirmöhsüm Həkimzadə! Həm də onda böyük cürət var idi!.. Axı həmin illərdə 1937-1938-i görmüşlərdən kim götürərdi öhdəsinə şeyxülislamlığı? Öz canı bir yana, ailəsinin, uşaqlarının da dinc həyatı təhlükə altına düşürdü. Hamı – bütün onu tanıyanlar və ailəsini sevib hörmət edənlər təşviş keçirirdi onun üçün. Xüsusilə, möhtərəm xanımı – adı kimi yumşaq, gözəl təbiətli Məleykə xala! Tez-tez bizə uğrayıb dərdini rəfiqəsi və uzaq qohumu anamla bölüşürdü. Anam təskinlik verirdi Məleykə xalaya. Öz qorxularını ürəyinin dərinliyində gizləyib Məleykə xalanı sakitləşdirər, göz yaşlarını qurulayar, titrək dodaqlarına təbəssüm qondurub evinə yola salardı. Hamı Ağa üçün qorxardı.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68371334) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



Kitabda Xalq yazıçısı Əzizə Cəfərzadənin müxtəlif illərdə müəllimləri, qələm dostları, elm, incəsənət xadimləri, eləcə də müxtəlif sənət sahibləri və digər tanıdığı şəxslər haqqında yazdığı xatirələri yer alıb. Bu xatirələrin bir hissəsi müxtəlif illərdə ayrı-ayrı mətbu orqanda çap olunub. Bəziləri isə yazıçının Ev Arxivində saxlanılan materiallar əsasında tərtib edilib. Yazıçının xatirələri küll halında ilk dəfə bu kitabda oxuculara təqdim olunur.

Как скачать книгу - "Tanıdıqlarım və sevdiklərim xatirələrimdə" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Tanıdıqlarım və sevdiklərim xatirələrimdə" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Tanıdıqlarım və sevdiklərim xatirələrimdə", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Tanıdıqlarım və sevdiklərim xatirələrimdə»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Tanıdıqlarım və sevdiklərim xatirələrimdə" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги серии

Книги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *