Книга - Yağış adam

a
A

Yağış adam
Leonora Fleyşer


Ekranlaşdırılmış əsər
Ən yaxşı Hollivud filmlərinin romanlaşdırılması ilə məşhurlaşan Leonora Fleyşerin bestsellerləri içərisində xüsusilə fərqlənən “Yağış Adam” maraqlı süjeti və qəhrəmanları ilə size çox təsirləndirəcək…





Leonore Fleyşer

Yağış Adam





Birinci fəsil


İşlər əla gedirdi. Qənbərqulusu çıxmamalı idi. Çarli Bebbitt ömründə bundan gözəl əməliyyat həyata keçirməmişdi. Dünyada sevdiyi, can atdığı nə vardısa, hamısı bu əməliyyatda cəmlənmişdi. Parlaq ideya, pul qoymadan böyük gəlir əldə etmək imkanı, sürətli dövriyyə, özü də hər şey qayda-qanun çərçivəsində. Əlbəttə, demək olmazdı ki, o, xeyriyyəçilik edirdi, amma heç kimin zorla pulunu dartıb əlindən almağa da hazırlaşmırdı. Uğursuzluğa düçar olmaq ehtimalı isə sıfıra bərabər idi. Hər halda, Çarli Bebbitt özünə belə deməli idi: bu işdə yanmaq mümkün deyil.

Sözsüz ki, danışıqları sürətlə aparmalı və elə etməli idi ki, xırdaca kələyinin üstü açılmasın. Çarlinin də ən çox xoşuna gələn məhz bunlar idi, çünki hər iki işi yaxşı bacarırdı. Gözə kül üfürmək məsələsində mahir ustanın qarşısında geniş fəaliyyət meydanı açılmışdı. Hazırlıq mərhələsinə həftələr sərf etmişdi, ancaq buna dəyərdi.

Ən çətini pul tapmaq idi. İki yüz min dollar. İyirmi yağlı yüzlük dəstəsi. Oğul istəyirdi bu pulun sahibini dilə tutub yola gətirsin. Bert Vayyat çox xəsis idi, hamıya şübhə ilə baxırdı, fırıldağı yüz addımdan hiss edirdi. Amma bu işdən fırıldağın heç iyi də gəlmirdi. Hər şey, hətta bütün zəmanətlər üzdə idi. Altı cağbacağ «lamborcini» limanda yan-yana düzülüb göz qamaşdırırdı. Bu klassik avtomobillər öz vətənindən, «mamma mia» ölkəsindən təzəcə gətirilmişdi, hərəsinin səksən min dollara yaxın qiyməti vardı. Hamısı da onun idi. Hər halda, bu saat maşınlar ona məxsus idi. Nə qədər istəsə tamaşa edib ləzzət ala, «lamborcini»lərin hamar, par-par parıldayan yanlarını sığallaya, kapotu açıb altındakı təkmil mexanizmə, qüvvətli motorlara uzun-uzadı baxa, təzə təkərlərin və salonun yenicə silinmiş dəri örtüyünün iyini ciyərlərinə çəkə bilərdi. Bu iy ona qadın ətrindən də xoş gəlirdi.

– Kağızları gətirmişəm, budur, – Çarli Bebbitt şəstlə gömrük müfəttişinə dedi və deklarasiyaları təmiz dəvəquşu dərisindən üz çəkilmiş zərif «diplomat»ından çıxardı. – Altı «lamborcini», hamısı sonuncu model, biri gümüşü, ikisi qara, biri ağ. İkisinin isə üstü də qırmızıdır, içi də.

Çarlinin çərənləməsinə fikir verməyən müfəttiş kağızları alıb diqqətlə oxudu. Onları imzalayıb möhürünü basdı. İşini qurtardıqdan sonra – yalnız bundan sonra – Çarliyə baxdı.

– Əlil arabalarının yarışına çıxaracaqsan? – müfəttiş istehzalı gülüşlə soruşdu.

– Yox, «Miss Amerika» gözəllik yarışına çıxaracağam, – Çarli də gülümsəyib cavab verdi və fəxrlə sinəsini qabartdı.

O, ofisə qədər bütün yolu düşündüyü əməliyyatı dəfələrlə beynində fırlatdı. Zəif yer axtarırdı, amma birini də tapmırdı. Bu, əsl şedevr idi, Çarlinin yaşamaq uğrunda onillik mübarizəsinin kulminasiya nöqtəsi idi, bircə dollar artıq qazanmaq üçün onun-bunun qabağına qaçmasının sonu demək idi. Bu əməliyyat onu köhnə avtomobillər satan xırda alverçilər cərgəsindən dartıb çıxaracaqdı, sürət götürməyə, iri dilerlər, nüfuzlu avtosalon və dəbdəbəli nümayiş zalları sahiblərinin cərgəsinə qoşacaqdı. Əlvida, San-Pedro. Xoş gördük, Bel-Eyr!

Hər şey düzdür. Hər şey elə bu cür planlaşdırılmışdı. Vayyatdan qısamüddətli kredit şəklində, on yeddi faizlə cəmi dörd həftəliyinə (acgöz əclaf!), «lamborcini»ləri girov qoymaq şərti ilə alınmış iki yüz min dollar! Həmin iki yüz min dollar, üstəgəl Lenni Barişin tapdığı altı alıcının əvvəlcədən ödədiyi iri məbləğdə beh. Alıcıların hamısı vəkillər korporasiyasının ləyaqətli üzvləri idi. Maşınların pulunu ödəmək üçün növbəyə dayanmışdılar. Çarli Bebbittin təklif etdiyi güzəştli qiymətlərdən də razı qalmışdılar. Gəlin, gəlin, Çarli xırdaçılıq eləmir!

İtaliyalı tədarükçülərlə bir neçə sərfəsiz sövdələşmədən sonra, nəhayət, Çarli altı əsl «lamborcini» tapa bilmişdi. Bu əla idman maşınlarından heç biri digərinə oxşamırdı, özləri də əla vəziyyətdə idi. Maşınların hərəsi Bebbittə vur-tut qırx min dollara başa gəlmişdi. Üç il əvvəl Çarli onları daha aşağı qiymətə ala bilərdi. Amma dollar ucuzlaşırdı və bununla Çarlini xeyli pəjmürdə edirdi. Heç nəyə baxmayaraq o, avtomobilləri deyilən qiymətə tapdığına da sevinirdi. «Lamborcini»lərin birini yetmiş beş min dollara (çıxaq beş faiz güzəşt – bu, alıcıları şirnikləndirmək və xoşbəxt etmək üçün vacib idi) satacaqdı.

Maşınlar San-Pedro limanında gömrük sənədlərinin hazır olmasını gözləyirdi. Çarli onların İtaliya gəmisindən boşaldılmasına nəzarət etmək üçün sahil körpüsünə getdi. Əmin olmaq istəyirdi ki, fəhlələr avtomobilləri cızmayacaqlar. Sənədləri etibarlı yerdə – «diplomat»ında gizlətmişdi.

Çox iş qalmamışdı – maşınları tez boşaltmaq, özündən başqa heç kimin bilmədiyi yerə aparmaq, qeydiyyat sənədlərini hazırlamaq, pulun qalanını alıcılardan götürmək və «lamborcini»ləri yeni sahiblərinə təhvil vermək. Alıcılar, əlbəttə, axır qiymətdən razı qalacaqdılar: altmış yeddi min beş yüz dollara belə dəbdəbəli maşını başqa harada tapa bilərdilər?! Sonra Çarli borc sahibi ilə də haqq-hesabı çürüdəcəkdi, vəssalam. Pulun qalanı özünün olacaqdı. Altı rəqəmlik təmiz gəlir! Və bu qədər gəliri qazanmaq üçün əlini heç nəyə bulaşdırmamışdı, yaraşıqlı «Corcio Armani» kostyumunun yaxasına xırda toz dənəsi qonmamışdı. Bircə sent də öz pulunu xərcləməmişdi.

Tezliklə hamı xoşbəxt olacaqdı. Altı hüquqşünas – Beverli Hillzdən olan boşanma işləri üzrə mütəxəssislər güzəştli qiymətə aldıqları bahalı avtomobillərinə minib yola çıxacaqdılar. «Pul dağarcığı» verdiyi borcu on yeddi faiz artıqlaması ilə geri alacaqdı. Çarlz Bebbitt Palm-Sprinqsin[1 - Kaliforniya ştatında (ABŞ) gözəl kurort şəhəri (izahlar tərcüməçinindir: A.Ə.)] zərli-zinətli otellərindən birində otaqda oturub pullarını sayacaqdı. Düzdür, belə gözəl maşınlarla ayrılmalı olduğuna görə təəssüf hissi keçirəcəkdi. Bir az da ağıllı olsa idi, ən çox xoşuna gəlmiş ağ «lamborcini» özünə qalardı, digər beş maşından qazandığı isə ona tamamilə bəs edərdi. Bu ağ gözəlçə Çarlinin olardı, Çarli onu sevərdi. Amma eybi yoxdur. İtaliyada «lamborcini»lər qurtarmadı ki! Birini də gətirib adını üstünə yazar.

Əməliyyat elə həmin gün başa çata bilərdi, amma Çarli, hər ehtimala qarşı, öz-özlüyündə ona lazım olduğundan da çox – düz dörd həftə! – vaxt ayırmışdı. Bu, maşınları qeydiyyatdan keçirmək üçün gen-bol bəs edərdi. Hətta EPA – ətraf mühitin mühafizəsi üzrə agentlik işə pəl vursa belə, bəs edərdi. EPA-nın toksik qaz tullantılarına ciddi məhdudiyyət qoyan murdar qanunları var idi.

Bu, doğrudan da, «Əsrin sazişi» idi. Özünüz fikirləşin, bir sent qoymayasan, bütün gəliri tək götürəsən. Hərçənd Lenniyə də nəsə çatmalı idi. Çarli ona alıcı tapdığına görə iyirmi beş min dollar vəd etmişdi. Amma, yenə də, Lennini şərik adlandırmaq olmazdı, çünki ideya yalnız və yalnız Çarli Bebbittə məxsus idi.

Bəs niyə, niyə Çarlinin şah əsəri, gül kimi iş heç cür başa çatmaq bilmirdi? Niyə ilişib qalmışdı, günlərlə yerindən tərpənmirdi?

Axı hər şey əvvəlcədən ölçülüb-biçilmişdi. Əvvəl-axır iki yüz min pulun on yeddi faizi dörd həftədə otuz dörd min dollar təşkil edir. Bu boyda pulun başından keçməyib ki?! Borcunu nə qədər tez qaytarsa, bir o qədər az itirər. Amma artıq nəinki dörd, altı həftə keçib, əməliyyat isə acıbağırsaq kimi uzanır. Belə getsə, Çarli Palm-Sprinqsdəki geniş otel otağını həbsxana kamerasına dəyişməli olacaq.

Ətraf mühitin mühafizəsi üzrə agentliyi görüm lənətə gəlsin! Niyə gedib balinaları xilas etməklə məşğul olmurlar, atom-elektrik stansiyalarında radioaktiv tullantılar axtarmırlar, bunun əvəzinə vicdanlı biznes adamlarına ilişirlər, avtomobillərin toksik tullantıları barədə avara qanunların dərdini çəkirlər?! Yəni bu EPA-da heç cür başa düşmürlər ki, benzin nasoslarında onların tələblərinə cavab verən dəyişikliklər etmək olmur? «Şevrole»də bu, mümkündür. «Cip-çeroki»də? Problem yoxdur. Amma «lamborcini»də alınmır.

Həftələr bir-birini əvəzləyirdi, Çarlinin tutduğu usta isə hara gedirdisə, əli ətəyindən uzun qayıdırdı. Çarli artıq qiyməti də ağlasığmaz həddə çatdırmışdı: hər nasosa görə iyirmi beş dənə yüzlük saymağa hazır idi, di gəl alınmırdı ki, alınmırdı.

– Heç kim bu nasosla heç nə edə bilmir. «Lamborcini» kimi divin öhdəsindən gələn tapılmır. Bu italiyalıların necə hava ilə nəfəs aldıqları veclərinə deyil, – Çarlinin mexaniki, Eldorf adlı yöndəmsiz gənc əsəbi halda deyirdi.

EPA isə ipə-sapa yatmırdı. Agentlik nasoslarda dəyişiklik olunmadan maşınların istismarına icazə verməkdən üç dəfə dalbadal imtina etmişdi. Kaliforniya ştatında yalnız EPA-nın icazəsini aldıqdan sonra avtomobili qeydiyyata salmaq və satmaq mümkündü. Bu, pozulmaz qayda idi. Çarli maşınları Oreqona apara və orada qeydiyyatdan keçirə bilərdi, amma vaxtı əldən vermişdi. Bundan sonra uyğun qiymətə gəmi tapıb «lamborcini»ləri qonşu ştata necə göndərəydi?

Çarli məhv olurdu. Hüquqşünaslardan aldığı behi qanuni gəlirinin bir hissəsi kimi xərcləyib qurtarmışdı. Çünki hamıya özünün uğurlu iş adamı olduğunu göstərməli, yaxşı geyinməli, bahalı oteldə qalmalı idi. Bunların hamısı puldur, gərək əlin cibində olsun: “adi”cə saç düzümü iki yüz əlli dollara başa gəlmişdi, retro üslubunda günəş eynəyinə – üstündə ən çox dəbdə olan dizaynerin yarlığı da var idi – dörd yüz dollar saymışdı. Zəhrimara qalmış pul isə durmadan dəyərdən düşürdü. İtaliyada sifarişlə tikdirdiyi kostyumu iki il əvvəl, bəlkə, min üç yüzdən baha olmazdı, Çarli isə ona görə iki min dollar vermişdi. Amma bircə günə başa çatdırılması mümkün olan əməliyyat o qədər uzanırdı ki, borc sahibi də, alıcılar da artıq dilə gəlmişdilər, narazılıqlarını bildirirdilər.

Çarli onların həyəcanlı zənglərindən təngə gəlmişdi. O belə şeyləri xoşlamırdı.


* * *

Susanna Palmieri «volvo»sunu Çarli Bebbittin tərtəmiz gümüşü «ferrari»sinin yanında saxladı. Çərşənbə günü səhər saat on bir olardı. Qız maşından çıxıb ətrafa boylandı. Son üç həftəni burada işləyirdi. Əslində, böyük anbara bənzəyən bu yastı binanın qarşısında lövhə olmalı idi: «Bebbittin avtosalonu. Kolleksiya modelləri». Amma nə lövhə var idi, nə də ki kolleksiyaya layiq modellər. Binanın qarşısında bir neçə köhnə-kürüş maşın yan-yana düzülmüşdü.

«Bebbittin avtosalonu» uzun küçənin sonunda, saysız-hesabsız anbarlar və maşın «ölüxanaları» cərgəsinin lap axırında yerləşirdi. Binanın görünüşündən yazıqlıq yağırdı: divarların suvağı tökülmüşdü, dama elə bil qotur düşmüşdü – çox yerdə dəmir örtüyün rəngi getmişdi. Onu 1946-cı ildə ayaq üstə güclə dayanan, necə deyərlər, «bugün-sabahlıq» müəssisələr üçün müvəqqəti sığınacaq kimi tikmişdilər. Çarlinin «avtosalonu» həmin firmalar sırasında təkcə yerinə görə sonuncu deyildi, həm də bu müəssisələrin ən «bugün-sabahlığı» idi.

Belə gözəl, ağıllı, İtaliyada katolik kilsəsinin ən sərt ənənələrinə uyğun tərbiyə görmüş, monastırda təhsil almış bir qızın burada nə işi vardı? Pulunu haradan qazandığı, nə ilə yaşadığı bəlli olmayan bir gənc onu necə özünə cəlb edə bilmişdi?

Susanna, sözsüz ki, daha böyük səadətə layiq idi; məsələn, yaxşı işi, daimi gəliri olan bir kişiyə ərə gedib onunla sevgi dolu həyat yaşamaq bu qəşəng qıza daha çox yaraşırdı. Bəs niyə o, Çarli Bebbitt kimi uğursuz avtosalon sahibini seçmişdi və həftənin istirahət günlərini onunla keçirməyə razılıq vermişdi?

Susanna sanki bu sualları beynindən qovmaq üçün başının hərəkəti ilə saçlarını geri atdı, sonra qapını açıb ofis rolunu oynayan dar otağa girdi. Otaq ona yaxşı tanış idi.

«Niyə?» – qız bir daha özü özündən soruşdu.

Çarli Bebbitt telefonda kiminləsə qışqıra-qışqıra danışırdı, acıqlı idi. Susanna onu görəndə hər şey bir daha qıza aydın oldu. Çarli. Çarli Bebbitt. Bax buna görə! Susanna uzun müddət onu kənardan seyr etdi, başdan-ayağa süzdü. Şübhəsiz, Çarli onun indiyədək tanıdığı kişilərin içərisində ən yaraşıqlısı idi. Ucaboy, əzələli, iyirmi altı yaşında zərrə qədər də artıq piyi olmayan möhkəm bədənli bu gəncin sıx, tündrəngli saçları heç cür sözə baxmaq istəmirdi. Onları nə qədər sığallasan da, növbəti andaca pırtlaşırdı. Uzun kirpikləri iri, qonur gözlərini çəpərləmişdi. Çarli gülümsəməyəndə ətli, düzgün biçimli dodaqları qız dodaqları qədər gözəl görünürdü. Gülümsəyəndə isə… Oh, sədəf kimi dişləri, çənəsində yaranan balaca, yumru çökək, bütün sifətinə yayılan işıq adamın az qala ağlını başından çıxarırdı.

Amma Susanna xarici görünüşə uyub ağlını itirəcək qədər sadəlövh qız deyildi. Gözəl, ehtiraslı kişi ilə gecəni birgə keçirmək, səhər isə həmişəlik vidalaşmaq olar. Bütün gününü bir yerdə keçirmək istədiyin kişinin isə gərək içində də qiymətli nəsə olsun.

Söhbət Çarlidən gedirsə, bu «nəsə» – onun iti, son dərəcə çevik ağlı idi. Zahiri parlaqlıq, qızğın ehtiras və dərin zəka Çarlidə vəhdət təşkil edirdi. O, istənilən problemin məğzini dərhal tuturdu və vaxt itirmədən düzgün qərar qəbul edə bilirdi. Əgər bu bacarıqlarını göydən ulduz qoparmağa yox, daha ciddi və praktik məqsədlərə yönəltsə idi, elə uğur qazana bilərdi ki, dünya onunla hesablaşardı.

Çarli siqaretinə dərin qullab vurub əli ilə Susannaya yanındakı masanı göstərdi: yəni otur və işlə məşğul ol. Özününsə bütün diqqəti telefonda üstünə qışqırdığı adamda idi, gərgin vəziyyətdə onun cavabını dinləyirdi. Susanna keçib masanın arxasında oturdu, telefonun dəstəyini qaldırdı və uzun bir nömrə yığdı. Bir az gözləyəndən sonra kiminləsə italyan dilində danışmağa başladı.

«Bebbittin avtosalonu»nun adı təmtəraqlı səslənirdi, özü isə pis kökdə idi. Hər yana siqaret iyi hopmuşdu, hara baxsan, ağzınacan dolu külqabı görürdün. Otağın mebeli cəmi üç metal masadan, üç stuldan və maili yazı taxtasından ibarət idi. Hamısı hərracda ucuz qiymətə alınmışdı. Masaların birinin arxasında Çarli oturub işləyirdi. İkinci masa «beş dəqiqəliyinə harasa çıxmış» katibə üçün qoyulmuşdu. Çarli qonaqlarına və nadir müştərilərinə belə deyirdi, əslində isə katibə yerli-dibli yox idi və heç vaxt olmamışdı.

Susanna həmin «beş dəqiqəliyinə harasa çıxmış» katibənin yerini tutmuşdu. Çarli onunla təsadüfən tanış olmuş və bu ilahi gözəlliyə vurulmuşdu. Qızın incə, qıvraq bədəni, cənublulara məxsus çılğınlığı, şirin ləhcəsi onu məftun etmişdi. Susannanın təmiz italyan dilində (lingua toscana in bocca romana![2 - Toskana əyalətinin əhalisinin dili ən təmiz italyan dili sayılır. Lakin romalıların tələffüzü toskanalıların tələffüzündən gözəldir; «lingua toscana in bocca romana» – «romalının tələffüzündə toskana dili» ifadəsi XVIII əsrdə buradan yaranıb.]) danışdığını biləndə isə düşünmədən qıza iş təklif etmişdi.

Bir neçə gündən sonra müdirlə təzə əməkdaşı arasında məhəbbət macərası başlanmışdı. Susanna «lombarcini əməliyyatı»nın bütün iştirakçıları ilə çox gözəl münasibətlər qurmuşdu və özünə aid olan işləri dəqiq görürdü.

Üçüncü masa isə Çarlinin «şəriki», daha doğrusu, köməkçisi Lenni Barişin idi. İyirmi illik həyatının son üç ilini Lenni telefonla alıcı ilə satıcı arasında vasitəçi rolunu oynamağa sərf etmişdi. İndi də o, alıcılardan hansı iləsə telefonla danışıqlar aparırdı. Ancaq Lenni dəstəyə qışqırmırdı, zingildəyirdi.

Ofisin divarlarını Qərbi Almaniyanın və İtaliyanın keyfiyyətsiz çap olunmuş xəritələri bəzəyirdi. Sifarişlə tikilmiş kostyumlar, ingilis ayaqqabıları geyməsinə, «birincidərəcəli» mehmanxanalarda qalıb restoranlarda yemək yeməsinə baxmayaraq Çarli vur-tut xırda ticarətçi idi, ikinci əldən avtomobillər satırdı və çəkmələrinin qaytanına qədər hər şeyini borc pula almışdı.

Çarli bir dəqiqəliyinə qışqırmağı dayandırıb xəttin o başından gələn səsə qulaq asırdı. Sıx qara qaşları çatılmışdı, açıq-aydın görünürdü ki, indi yenidən partlayacaq. Qeyzlə siqaretini sümürürdü.

– Yox, ser, – Lenni paralel xətdə sızıldayırdı, – mən mister Bebbittlə o barədə elə bu gün səhər danışmışam.

Lenni əl-qolunu yelləyir, Çarlinin diqqətini cəlb etməyə çalışır və onu köməyə çağırırdı. Amma Çarli Bebbittin öz problemi özünə bəs edirdi.

– Artıq beş həftə yarım vaxt keçib! – o, dəstəyə bağırırdı. – Ay yarıma yaxın vaxt! Lənət şeytana, sən bir cındır komissiya ilə də bacara bilmirsən. Üçüncü dəfədir əliboş qayıdırsan.

O biri telefonda Lenni 1985-ci il istehsalı olan gümüşü «lamborcini»nin hirsli alıcısını sakitləşdirməyə cəhd göstərirdi. Qulağı Çarlinin son sözlərini çalanda o, qəmli gözlərini qaldırıb yazıq-yazıq müdirinə baxdı. EPA-dan üçüncü müraciətə də rədd cavabı alındığı Lenni üçün yenilik idi və bu acı xəbəri çox gözləmək lazım gəlməmişdi.

– Hə, ser, – biçarə Lenni telefona zarıdı. – Təbiəti mühafizə agentliyinin yaratdığı maneələr aradan qaldırılıb, daha bir… uzağı iki gün…

– Çox böyük uğur əldə etmisən! – Çarli çır-çır çığırırdı. – Altı maşın, hərəsini vur üçə. Eləyir on səkkiz. Nəticə? Sıfır! Rekord göstəricidir, necə düşünürsən? Axı sən kimsən – mexaniksən, yoxsa NASA-nın[3 - NASA (ing. National Aeronautics and Space Administration) – Milli Aeronavtika və Kosmos İdarəsi. ABŞ-ın mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış dövlət agentliyi.] mühəndisi? Biz bu zəhrimara qalmış maşınları satmaq üçün gətirmişik. Mən burada avtomobil muzeyi yaratmıram! Batıram, başa düşürsən. Məni xilas elə, lənət şeytana!

Alıcı Lenni Barişin yaxasından əl çəkmirdi, biçarə tərləmişdi.

– Yaxşı, ser, amma… m-m-məncə, buna ehtiyac qalmayacaq, – dili topuq vuran Lenni hələ də Çarlidən kömək umurdu, əli ilə onu telefona çağırırdı.

Çarlinin başı öz dərdinə qarışmışdı.

– Hə, odur ki mən ona iki yüz min borcluyam. Anladın? İki yüz dənə minlik! Hərəsinin arxasında üç sıfır! – O, siqaretin kötüyünü aşıb-daşan külqabıya basdı və dərhal yenisini yandırdı.

Susanna «çao, qrasie»[4 - Xudahafiz, sağ olun – ital.] deyib dəstəyi asdı. Saatına baxdı, zərif biləyini yuxarı tutub vaxtı Çarliyə göstərdi və qaşlarını çatdı. Demək istəyirdi ki, artıq saat on ikidir. Özü də bu gün həftənin beşinci günüdür. Bir az da yubansalar, elə tıxaca düşəcəkdilər ki, gecəyə kimi yollarda qalacaqdılar.

Palm-Sprinqsə xeyli yol vardı, Susanna isə gecə səhrada maşınla getməkdən qorxurdu. Çarli ona həftəsonu üç günlük bayram təşkil edəcəyinə söz vermişdi. Amma bunu ötən həftə vəd etmişdi və o zaman hələ «bayramlıq» pulu qalmışdı.

Çarli siqaret tüstüsünün içindən Susannaya nəzər saldı və başını tərpətdi. Yəni: «Görürsən ki, zibilə düşmüşəm. Bir az da döz». Sonra onu tamamilə özündən çıxarmış telefon söhbətinə qayıtdı.

– O, maşınları on bir gün əvvəl mənim əlimdən ala bilərdi. Avtomobillər girovdur, borcun qaytarılacağına zəmanətdirlər. Onları güclə saxlayıram.

Susanna Çarlinin gözlərində təşviş gördü. Bu vaxt «katibənin masası»nın üstündəki telefon da zəng çaldı. Salon müdiri baxışları ilə Susannaya «götür» işarəsi verdi. Qız əlini qulağında fırladığı qızıl sırğasından çəkib dəstəyi qaldırdı.

– «Bebbittin avtosalonu».

Kimsə salamsız-kalamsız dərhal söyüşə keçdi. Susanna diksindi.

– Bəli, ser, – Lenni hələ də gümüşü «lamborcini»nin alıcısına telefonda quyruq bulayırdı. – Bilirəm, biz cəmi dörd həftəyə danışmışdıq. – O, əl-qol atmaqda davam edir, Çarlinin diqqətini çəkmək ümidini itirmirdi.

Çarli yoldaşına əhəmiyyət vermirdi, onun öz «səngərində» döyüşün qızğın çağı idi.

– Qulaq as, bəs ciblərinə bir şey qoymağa cəhd etmisən? – O, inadından dönmürdü. – Bu əbləhlər EPA-da nə qazanırlar ki, başlarına…

Çarlinin sözü yarımçıq qaldı. Susanna öz dəstəyini masanın üstünə qoyub onun qarşısında atılıb-düşür, nəsə olduqca təcili bir şey demək istəyirdi.

– Bu, Vayyatdır, – nəhayət, Çarlinin diqqətini çəkdiyini görən Susanna dedi, – sənin durmadan artan borcun barədə danışmaq istəyir.

Çarli cavab vermədi, amma birdən-birə sifəti sərtləşdi, gözlərinin parıltısı söndü.

– Saat 17:30-a qədər pullarını geri almasa, maşınları müsadirə edəcək, – Susanna qəmli-qəmli gülümsədi. – Elə belə də dedi: bütün maşınları…

– Bir azdan mənə zəng elə, – Çarli qızın sözünü axıra çatdırmasını gözləmədən telefonda mexanikinə göstəriş verib tələsik dəstəyi atdı.

– …müsadirə edəcəyəm…– Susanna cümləsini bitirdi.

Çarli Bebbitt gülümsədi və qəşəng sifətinə işıq yayıldı. Bu gülüşdə uşaq dəcəlliyi, eyni zamanda qiymətini bilən, qarşısındakı adamın üzərində hökmünə arxayın olan yetkin bir kişinin özünə inamı duyulurdu.

Susanna dərhal ehtiyatlandı, geri çəkilib kəskin etiraz əlaməti olaraq başını buladı. Çarlinin ağlına nə gəlir-gəlsin, o bu oyunda iştirak etməyəcək! Çarli Bebbittə qoşulmağın özü bir qəbahətdir, indi onun əlləm-qəlləm işlərinə də qatılmaqla ölməz ruhunu tamam günaha batırmayacaq!

Çarli Susannanın belindən tutub qızı nəvazişlə özünə tərəf çəkdi. Onun səsi olduqca sakit və inamlı idi, sanki Susannadan ən adi, çoxdan alışdığı bir işi görməyi xahiş edirdi:

– Ona de ki… nə istədiyini başa düşmürsən… De ki, mən çekləri çərşənbə axşamı, üç gün bundan qabaq imzalamışam. Başqa kağızlarla bir yerdə onları da imzaladığımı öz gözlərinlə görmüsən. Sonra isə çekləri şəxsən poçta aparmısan.

Susanna başını bir az da bərk yelləməyə başladı. Bütün bunların nəyə lazım olduğunu bilmirdi, amma bilirdi ki, ondan həyasızcasına yalan danışmağı tələb edirlər. Üç həftə idi ki, qız Çarli Bebbittin işgüzar söhbətlərinin şahidi olurdu, telefonda dediklərini eşidirdi. Necə eşitməyəydi: masaların üçü də böyür-böyürə qoyulmuşdu, Çarli isə bütün günü əlində telefonun dəstəyi bağırırdı. Amma Susanna nəinki bu oyunlarda iştirak etmək, heç danışılanlara qulaq asmaq da istəmirdi. Onu işə götürəndə nə demişdilər? Demişdilər ki, İtaliya ilə danışıqları sən aparacaqsan, çünki əslən İtaliyadansan və dili gözəl bilirsən. Vəssalam. Qalan məsələlərin Susanna Palmieriyə aidiyyəti yox idi. Hərçənd Çarli Bebbittlə arası açılandan sonra yavaş-yavaş dərk edirdi ki, hər şey bu dərəcədə sadə deyilmiş.

Çarli Susannanın gur saçlarını sığalladı, səsini bir az da yumşaltdı.

– Xahiş edirəm. Mənə çox lazımdır, – o, qızın qulağına pıçıldadı.

Susanna hiss edirdi ki, Çarlinin nəvazişləri qarşısında duruş gətirə bilmir. Buna görə özünə acıqlanırdı, hətta nifrət edirdi, amma yenə də bir söz demədən geri döndü və dəstəyi götürdü.

– Ser, mən sizin nə istədiyinizi başa düşmürəm. Mister Bebbitt çekləri çərşənbə axşamı, üç gün bundan qabaq imzalayıb. Başqa kağızlarla bir yerdə onları imzaladığını gözlərimlə görmüşəm. Çekləri şəxsən poçta aparmışam. – Susanna Çarlinin rahatlıqla dərindən nəfəs aldığını eşitdi. – Bircə dəqiqə, başqa zəng gəlir, ona da cavab verim.

Qız dəstəyi kənara qoyub Çarliyə yaxınlaşdı və Vayyatın cavabını ona çatdırdı:

– Sözündən dönmür. Deyir, 17:30-a qədər gözləyirəm və mənə nağıl-zad danışmayın.

Çarli otaqda var-gəl etməyə başladı. Ağlında yüz fikir sürətlə bir-birini əvəz edirdi, buna uyğun bədəni də yerində oynayırdı, sanki beynindən geri qalmamağa çalışırdı.

– Olmazmı, mühasibinə tapşırsın ki, bank sənədlərini bir daha diqqətlə yoxlasın. Bu sənin şəxsi xahişindir. Çünki bir problem yaransa, cavabdeh sən olacaqsan, de ki, işini itirə bilərsən.

Susanna qaşqabağını sallayıb üçüncü dəfə dəstəyi qaldırdı:

– Xahiş edirəm, mühasibinizə tapşırın, bank sənədlərini bir daha diqqətlə yoxlasın. Mənim xətrimə. Qorxuram ki, problem yaransa…

Otaqda gurultu qopdu və Susannanın sözü ağzında qaldı. Qız diksinib Lenniyə tərəf döndü. Bayaqdan bəri Çarlinin bir dəfə də üzünə baxmadığı Lenni, nəhayət, hövsələdən çıxıb əlini metal masanın kənarına döyəcləyirdi, gözlərində yalvarış vardı, tər başından yanaqlarına və boynunun arxasına süzülürdü. Az qala ağlayırdı, səsi də batmışdı:

– Bəli, ser, mister Bebbitt danışıqlardadır, qayıdan kimi…

Çarli onun son həddə çatdığını başa düşdü və həmkarına, heç olmasa, sözlə kömək etmək üçün bu gəncə tərəf atıldı. Arxadan isə onu Susanna çağırdı, qızın səsində ümidsizlik, bəlkə, daha artıq idi. İki od arasında qalmış Çarli yerində dondu.

– Çarli. Mənə bax, Çarli! Bu elə 17:30 deyib durur…

Çarli Bebbitt bir anlığa gözlərini yumdu. Dərindən, qırıq-qırıq nəfəs aldı. Beynində isə cürbəcür fikirlər ağlını itirmiş laboratoriya siçovulları kimi ora-bura vurnuxur, labirintdən çıxış yolu axtarırdı. Və Çarli Bebbittin çevik ağlı, əlbəttə ki, bu yolu – künclərdən birindəki bapbalaca deşiyi tapdı. Deşik çox dar idi, amma siçovul birtəhər özünü ora dürtə bilərdi.

– Yaxşı, yaxşı… – o, əsəbi halda çırtıq çaldı. – Mənə qulaq as. De ki, mən Atlantaya uçmuşam. Elə bu dəqiqələrdə təyyarədə olaram. Sən təzə çek hazırlayacaqsan və bazar ertəsi işə gələn kimi birinci növbədə onu mənə imzalatdıracaqsan. Bundan başqa heç nə edə bilməzsən, çünki indi əlin mənə yetmir. Amma onu da de ki, Allah xatirinə, elə bilin ölmüşük, yerdən qaldırırsınız, bizim axırımıza çıxmayın, de ki, işimi itirməyimə baiskar olmayın. Olar?

Bir tərəfdən vicdan əzabı, digər tərəfdən Çarlinin belə kobud davranışı Susannanı dəli olmaq dərəcəsinə çatdırırdı. Az qalırdı hər şeyi atıb getsin. Amma belə etmədi, dəstəyi yenidən qulağına tutdu.

Çarli dərhal inadkar alıcı ilə döyüşdə son qüvvəsi tükənməkdə olan Lenninin köməyinə tələsdi.

– Xeyr, mən bunu edə bilmərəm, ser, – Lenni artıq xırıldayırdı. – Bunu siz şəxsən mister Bebbittlə danışıb razılaşmalısınız… Sizə onun telefonu lazımdır? Bircə dəqiqə… – Lenni sual dolu nəzərlərlə Çarliyə baxdı. Çarli başı ilə «yox» işarəsi verdi. – Təəssüf ki, ser, burada deyil, indi o, yoldadır və…

– Çarli! – Susanna yenə onu çağırdı.

Çarli özünü qıza yetirdi. Onun sifəti qaralmışdı, gözləri şimal dənizinin suları kimi soyuq idi, adam baxanda üşüyürdü.

– Balaca, sən, heç olmasa, bir dəfə öz ağlınla cavab verə bilərsən? – Çarli mırıldandı. – Heç olmasa, bir dəfə?

Susannanı elə bil ildırım vurdu. Amma dişlərini sıxıb dözdü. Başa düşürdü ki, bu saat Çarli üçün daha çətindir. Onu hər tərəfdən amansızcasına sıxırlar.

– Təyyarədən enən kimi sən ona zəng etməlisən…

– Çarli! – İndi də Lenni Bariş ondan nəsə istəyirdi.

Çarli isə özünü partlamağa hazır olan buxar qazanı kimi hiss edirdi. Bunun üçün qazanın altına xırdaca odun parçası atmaq bəs edərdi.

Bəli, o, Çarlidir! Çarli Bebbitt! Bütün çətinliklərə təkbaşına sinə gərməli olan, xirtdəyəcən borc içində itib-batan uğursuz avtosalon sahibi!

Biçarə Lenninin inilti ilə söylədiyi bircə söz buxar qazanının altına qoyulmuş həmin xırdaca odun parçası rolunu oynadı. Çarli partladı.

O, qolunu geniş açıb Lenninin masasının üstündə nə vardısa, hamısını sıyırdı. Telefon kitabçaları, kataloqlar, sənədlərlə dolu qovluqlar tappıltı ilə döşəməyə töküldü. Lenni əlində dəstək donub-qalmışdı, sadəcə, baş verənləri izləyirdi.

– Nə… problemin… var,.. oğlan? – Çarli dişlərini qıcayıb hədə ilə soruşdu.

Lenninin hülqumu qalxıb-endi, güclə bir udum hava ala bildi. Qorxa-qorxa dedi:

– Mister Beytmen maşından imtina edir, mister Vebb də… onlar… onlar behlərini geri istəyirlər.

Cümləsinin sonunu Lenni pıçıltı ilə bitirdi. Çox gözəl bilirdi ki, behdən artıq şirin xatirələr qalıb və heç nəyi geri qaytarmaq mümkün deyil.

Çarli dinməz gözlərini yumdu.

– İkisi də deyir ki, «Veli motors»la danışıblar, – Lenni ehtiyatla sözünə davam etdi, – maşını onlardan alacaqlar.

– Çarli, xahiş edirəm, – Susannanın da sözü hələ bitməmişdi. Çarli sakitcə ona sarı döndü, bütün hirsini Lenninin üstünə töküb soyutmuşdu. – Vayyat bilmək istəyir ki, maşınlar harada saxlanır.

Çarli başını tərpətdi: «Əlbəttə, istəyir. Onun yerində mən də olsam, istəyərəm. Ancaq bunsuz keçinməli olacaq».

– Ona de, sən bilmirsən, Susanna. Bu ki yalan deyil.

Həqiqətən, maşınların yerini Çarlidən başqa heç kim bilmirdi. Onlar Bebbittin sonuncu ümidi, gizli, daha doğrusu, yaxşıca gizlədilmiş silahı idi.

Lenni də müdirindən təlimat gözləyirdi. Çarlinin sakit və inamlı səsi ona bir qədər toxtaqlıq gətirdi.

– Beytmenə de ki, o biri telefonla mənimlə əlaqə saxlamısan və indicə xəbər tutmusan ki, EPA ilə razılıq əldə edə bilmişəm. – Çarli fikrə getdi, sanki özü ilə mübarizə aparırdı və birdən dərindən nəfəs alıb boşaldı. – Yaxşı, de ki, hər maşına görə əlavə beş min dollar da güzəştə gedirəm. Müştərilərimin dözümünü yüksək qiymətləndirirəm.

Lenni minnətdarlıqla başını tərpətdi və alıcı ilə söhbətə qayıtdı.

Susanna dəstəyi yerinə qoyub Çarliyə baxdı.

– Bazar ertəsi, – dedi. – Vayyat bazar ertəsinə qədər gözləməyə razı oldu.

O, Susannaya baxdı, sanki bu gün qızı birinci dəfə görürdü. Susanna ən ağır dəqiqələrdə onu tək qoymamışdı və buna görə Çarli qıza minnətdar idi. Belə yaxşılığın əvəzini çıxmaq lazımdır!

Susanna indi həmişəkindən daha gözəl görünürdü. Çarli heyranlıqla onu başdan-ayağa süzdü. Söz yox, bu qıvrımsaç, qaraqaş-qaragöz, balaca, zərif və çılğın italiyalı qız pərəstişə layiq idi və hər yanından keçən kişini dönüb geriyə boylanmağa məcbur edirdi. Çarli Susannanın əlindən tutub özünə tərəf çəkdi, arıq çiyinlərini sığalladı, qıp-qırmızı, ehtiraslı dodaqlarından öpdü.

– Demək, Palm-Sprinqs?

Susannanın iri gözləri bir az da genişləndi.

– Heç nəyə baxmayaraq gedirik?

Çarli başı ilə təsdiqlədi. Niyə də təxirə salmalıyıq?

– Hamısı boş şeydir. Ürəyinə salma.

– Boş şeydir? – Susanna təəccübləndi. Bu qışqırıqlar, bu əsəbi telefon danışıqları, bu yalanlar… boş şeydir?

Çarli əda ilə çiyinlərini çəkdi.

– Eldorf lazım olan detalları tapıb nasoslarda dəyişikliklər edəcək, sonra mən EPA-ya gedəcəyəm, maşınları xırıd edəcəyəm, pulları qaytaracağam və… – o, qəsdən sözünə ara verdi, – və biz səksən min qabağa düşəcəyik. Necə olsa, – Çarli özündənrazılıq ifadə edən «iki nömrəli» gülüşünü işə saldı, – bir neçə telefon zənginin müqabilində pis gəlir deyil.


* * *

Günəş qərbdəki dağların arxasına enirdi. Gümüşü «ferrari» səhranı yarıb keçən yolda saatda yüz otuz kilometr sürətlə irəliləyirdi. Göyün üzü yavaş-yavaş qaralırdı, üfüqdəki buludların qıvrım telləri hələ qızılı rəngdə olsa da, sallaq qarınları bozarıb tünd rəng almışdı. Ulduzlar bir-bir yanır, yan-yana düzülüb naxışlı bürclər əmələ gətirirdi. Susanna Palmieri üşürgələndi. Səhranın üzərində hüdudsuz səma həmişə onu üzürdü, elə bil əzməyə çalışırdı, adamın necə də kiçik və köməksiz olduğunu öz gözünə soxurdu.

Susanna Çarli ilə münasibətlərində hər hansı bir dayanıqlıq görmürdü və qarşı tərəfdən buna zəmanət almağa da ümid bəsləmirdi. Çarli onun üçün cavabını bilmədiyi tapmaca idi. Bu gənc və yaraşıqlı kişi Susannaya hansı gözlə baxırdı? O da tərəf-müqabilinə Susanna qədər, yaxud təxminən onun qədər bağlılıq hiss edirdimi? Çarli, adətən, hisslərini büruzə vermirdi, təkcə nədənsə qcıqlandığını və bir də işdə əsəbiləşdiyini görə bilərdin. Görəsən, o, Susannanı nə dərəcədə yüksək qiymətləndirir? Ümumiyyətlə, özündən başqa kimsə onu ciddi maraqlandırırmı?

Yataqda bir yerdə olanda Susanna and içməyə hazır idi ki, bu, həqiqətən, belədir. Çarli çılğın və eyni zamanda nəvazişli olurdu, onu elə məhəbbətlə qucaqlayır, elə şirin-şirin öpürdü ki!.. Susanna bilirdi ki, Çarlinin çox xoşuna gəlir, bunu onun gözlərindəki parıltıdan, şəhvət dolu baxışlarından, hətta dodaqlarının ehtiraslı titrəyişindən duyurdu. Amma yataqdan qalxıb şalvarını əyninə keçirən kimi bayaqkı incəqəlbli gənc dönüb başqa Çarli Bebbittə çevrilirdi. Bu Çarli Bebbitti ancaq öz xeyri maraqlandırırdı, hər kəsdə yapışmaq üçün zəif yer axtarırdı. Başqaları xəyallara dalanda o, planlar qururdu. Susanna onu sevirdi, amma Çarlidən həmişə xoşu gəldiyinə əmin deyildi.

Son on-on beş kilometr yolu qız sakitcə oturmuşdu, Çarliyə baxır, lakin onun daş sifətində heç bir ifadə oxuya bilmirdi. Çarli ikiəlli sükandan yapışmışdı, gözlərini yola zilləmişdi və nə haqdasa fikirləşirdi. Görəsən, nə düşünür? Çarli fikirlərini Susanna ilə bölüşmürdü. Heç vaxt ürəyindəkiləri açıb ona demirdi. Amma Susanna anlayırdı ki, Çarli uğur qazanacağına dediyi qədər əmin deyil, sadəcə, özünü belə göstərir. Əslində isə hansısa ağır bir fikir daim onun beynini gəmirir. Yaxın münasibətlərinin tarixçəsi nə qədər qısa olsa da, Susanna artıq bu insanı tanımağa başlayırdı.

– Mən təkid etmirəm, ancaq özün necə düşünürsən? – nəhayət, qız yumşaq səslə sükutu pozdu. – Bəlkə, hələ ki mehmanxanaya çatmamışıq, nəsə demək istəyirsən?

Qaşqabağını sallamış Çarli Susannaya baxdı, sifəti açılmadı.

– Zarafat edirəm, – Susannanın səsi bu dəfə çox quru çıxdı və qaşları gərildi.

Çarli gülümsədi. «Bu qız da özünə görə deyil. Mənim zəhmimdən-zaddan qorxmur, onsuz da hərləyib-fırlayıb sözünü deyəcək», – düşündü.

– Yaxşı ki biz cümə günü yola düşdük, – Çarli zarafata salmaq istədi. – İndi heyif çıxmaq üçün sənin ixtiyarında düz üç gün var.

– Qulaq as, – Susanna soyuq məntiqlə cavab verdi, – əgər sən işlərdən belə narahatsansa, niyə zəng edib vəziyyətin nə yerdə olduğunu öyrənmirsən? Başa düşürəm, boş şeydir… fikirləşməyə dəyməz… amma sən daim bu barədə fikirləşirsən. Elə deyil?

Çarli güldü. Onun gülüşündə də gərginlik hiss olunurdu.

– Aman Tanrım! Deyəsən, mən düzgün anlamadım… Bəlkə, arada başqa qadın söhbəti var? – Susanna özünü qorxmuş kimi göstərib gözlərini bərəltdi.

– Nə bilirsən, bəlkə, bir yox, üç qadından söhbət gedir? – Çarli onu cırnatdı.

– Yaxşı, bəsdir zarafata saldıq. Ola bilsin, doğrudan səni axtarırlar, nəsə, təcili iş çıxıb, Çarli.

Susanna maşında quraşdırılmış telefonun düyməsini basdı və kommutatora zəng etdi.

– Üç-sıfır-bir-doqquz, – telefonçu qız cavab verdi.

– Bebbitt, – Çarli ona soyadını dedi.

Susanna narahatlıqla yerində qurcalandı və Çarliyə baxdı.

– Mister Beytmendən iki zəng olub, o, telefon nömrəsini qoyub…

Çarli telefonçunun sözünü kəsdi:

– Lazım deyil.

– Başa düşdüm. – Telefondakı səs davam etdi. – O!.. – səs titrədi. – İlahi!..

Çarli ilə Susanna baxışdılar. Görəsən, daha nə pis hadisə baş verib?

– Mister Munidən də bir zəng gəlib, – səs çox kədərli idi. – Sizin üçün məlumat qoyub. Məlumatda deyilir ki, o sizin atanızın vəkilidir. Sinsinnatidə. Və sizin… sizin atanız vəfat edib, ser.

Susannanın nəfəsi karıxdı və qız məlul-məlul Çarliyə baxdı. Çarlinin sifətində bir əza belə tərpənmədi. O susurdu.

– Dəfn bazar günü olacaq, – telefonçu qız həyəcanını güclə boğurdu. – Mister Muni sizi tapa bilmədiyi üçün təəssüflənir. O… O sizin üçün telefon nömrəsi saxlayıb…

Çarli telefon əlaqəsini kəsdi. İlk baxışdan sanki heç nə baş verməmişdi: maşın eyni sürətlə şütüyürdü, Çarli eynilə dinməz-söyləməz baxışlarını yola dikmişdi. Ancaq Susanna onda gözlə görmək mümkün olmayan bir dəyişiklik hiss edirdi. Qızın ürəyi ağrıyırdı, gözləri yaşla dolmuşdu, necə təsəlli verəcəyini bilmirdi. Çarlinin atası… Dəhşət…

– O, Çarli, – Susanna pıçıldadı, – sən… sən özün necəsən… sürə bilirsən?

Çarli cavab vermədi. Ayağını əyləcə basdı və «ferrari» yavaş-yavaş sürətini azaltdı. Sonra o, yolun kənarına çıxıb maşını saxladı. Amma yerindən tərpənmədi. Çarli əvvəlki kimi sükanın arxasında oturub qabağa, tamamilə sükuta qərq olmuş lal səhraya baxırdı.

Susanna yavaşca onun çiyninə toxundu. Sadəcə, yanında olduğunu xatırlatmaq istəyirdi. Başqa nə cür təsəlli verə bilərdi ki?

Çarli qıza tərəf döndü:

– İstirahət günlərini zay etdiyim üçün bağışla, balaca.

– İstirahət günlərimi?.. – Çarlinin ilk sözləri o qədər gözlənilməz idi ki, Susanna çaşdı, az qala qulaqlarına inanmadı. – Çarli…

O, barmaqlarının ucu ilə Çarlinin yanağına toxunub onun gözlərinin içinə baxdı.

Çarli baxışlarını qaçırtdı.

– Bilirsən, – mızıldandı. O, gözlərini Susannadan gizlədirdi. – Biz… biz onunla bir-birimizə nifrət edirdik. Əməlli-başlı nifrət edirdik…

Amma Çarlinin səsində zərrə qədər nifrət yox idi. Bu səsdə ağrı hiss olunurdu. Susanna Çarlinin yanağını, başını sığallayırdı. Bu dəqiqələrdə o, körpəsini sakitləşdirməyə çalışın qayğıkeş anaya bənzəyirdi.

– Mənim iki yaşım olanda anam dünyasını dəyişdi. Və biz ikimiz qaldıq. İkicəciyimiz.

Susanna dodağını dişlədi.

– O… səni döyürdü?

Çarli tərəddüd keçirirdi.

– Fiziki mənada yox, – nəhayət, o dilləndi. Çətinliklə danışırdı. – Amma onun fikrincə, mən fərsiz övlad idim, əlimdən dəyərli bir iş gəlmirdi. Bilirsən, o, «küçə futbolu» deyilən şey tanımırdı. Onun üçün ancaq yüksək liqa var idi. Mən hər şeydə birinci olmalıydım, olmasaydım, deməli, «fərsiz» idim, – Çarli acı təbəssümlə Susannaya baxdı. – Tez-tez təkrar edirdi: «Adam bunu bacarmalıdır!» Mən o istəyən kimi olmalıydım.

Bir müddət hər ikisi sakitcə oturdu, hərə öz xatirələrini eşələyirdi.

– Mən səninlə gedirəm, – qəflətən Susanna sükutu pozdu.

Çarli başını buladı.

– Diqqətinə görə çox sağ ol, – o, yenə gülümsədi, – amma buna ehtiyac yoxdur.

– Mən özüm belə istəyirəm, – Susanna təkid göstərdi. – Bunun mənim üçün əhəmiyyəti var.

Hər ikisi eyni inadla başını yelləyirdi.

– Narahat olmağına dəyməz! – Çarli qəti etiraz etdi.

Onun son sözləri Susannanın xətrinə dəydi. Qız əlini Çarlinin yanağından götürüb geri çəkildi. Çarli yenə onu özündən itələyirdi. Amma bu dəfə, deyəsən, tələsdiyinə peşman olmuşdu. Çünki Susannanın əlinin istisini itirən kimi birdən-birə özünü tənha və köməksiz hiss etdi, təzədən qıza sığındı.

– Bağışla, kiminlə söhbət etdiyimi tamam yadımdan çıxardım, – Susanna incik tərzdə pıçıldayıb gülümsədi. Sonra Çarlinin başını sinəsinə sıxdı, yanaqlarını, saçlarını sığalladı. Qızın gözlərində kədər var idi, eyni zamanda belə bir anda Çarlinin ona ehtiyac hiss etdiyini görüb təsirlənmişdi.

Deyəsən, o, doğrudan da, Çarliyə lazım idi.




İkinci fəsil


Onlar geri qayıdırdılar. Gecənin qaranlığında maşın əvvəlkindən də böyük sürət yığmışdı. Çarli çox əsəbi və qayğılı görünürdü, amma Susanna bunu təbii hesab edirdi. Qəfildən atasının ölüm xəbərini almış adam özünü başqa cür necə aparmalı idi ki? Şəhərə yaxınlaşanda Çarli qısaca, bir qədər də əlaqəsiz ifadələrlə planını izah etdi. İndi o, Susannanı evinə qoyacaq, qız orada gözləyəcək, pal-paltarını, uzaq yol üçün lazım olan əşyalarını yığacaq. Çarli isə onun «volvo»sunu götürüb kostyumunun dalınca gedəcək. Borc sahibləri Çarlini Los-Ancelesdə görməməlidirlər, indi çox adam onu göydə axtarır, yerdə əllərinə düşməməlidir, buna görə öz «ferrari»si ilə gəzə bilməz. Əslində, heç evinə qayıtması da düz deyil, ancaq nə etmək olar? Tez gedib-qayıdar, qalan məsələləri telefonla həll edər. Gecəni Susannagildə keçirərlər, səhər alatoranlıqda isə aeroporta yollanarlar. Sinsinnatiyə günortadan sonra çatarlar, mehmanxanaya gedərlər, ertəsi gün dəfndə iştirak edərlər və dərhal geriyə – Los-Ancelesə qayıdarlar. Palm-Sprinqsdə istirahəti isə başqa həftənin sonuna keçirərlər – Çarli buna da söz verirdi.

Çarli kostyumunu evdən götürüb qayıdanda Susanna artıq nə lazımdısa yığmışdı. O, birbaşa telefona yaxınlaşdı və birinci sinifdə iki təyyarə bileti sifariş etdi. Ardınca Sinsinnatiyə, «Brodhem» otelinə zəng vurdu və ikinəfərlik nömrə kirayələdi.

– Yox, cəmi bir gecəlik. Ertəsi gün səhər tezdən otağı təhvil verəcəyik.

Təyyarənin təkərləri Los-Ancelesin beton uçuş zolağından qopan kimi Çarli dalbadal iki kiçik stəkan viski içdi, oturacağında yerini rahladı və üzünü pəncərəyə çevirib yuxuya getdi. Susanna təklikdə balıq kürüsündən yaxma yeyə-yeyə şampan şərabı içdi. Şərab xoşuna gəlmədi, qızın özü kimi incik və sönük idi, güclə köpüklənirdi. Qədəhin dibindən qalxan hər köpük sanki Susannanı bir az da ölgünləşdirirdi: Çarli Bebbitt yenə onsuz keçinirdi.

Təyyarədə yemək paylananda da Çarli oyanmadı, Susanna isə onu qaldırmağa cəhd göstərmədi. Görünür, son günlərin gərginliyi Çarlini tamamilə əldən salmışdı. Susanna tək qalmağı ilə barışıb salatdan xırda doğranmış omar tikələrini dənlədi, qızardılmış kornuoll cücəsinin yarısını yedi.

Çarli bir də təyyarə enəndə gözlərini açdı və dərhal möhkəm aclıq hiss etdi. Gözəgəlimli sarısaç təyyarə bələdçisi artıq yemək verməyin gec olduğunu, mətbəxin bağlandığını dedi və təəssüf etdiyini bildirdi. Çarli ona «bir nömrəli» (ağlı başdan çıxaran!) gülüşü ilə cavab verdi və yumşaq səslə dedi:

– Bağışla, mənim mələyim, sənə narahatlıq yaradıram, sadəcə, bu gün səhərdən dilimə heç nə dəyməyib, acından ölürəm.

Bir neçə dəqiqədən sonra bələdçi əlində ağır məcməyi geri qayıtdı. Məcməyi dadlı yeməklərlə dolu idi: soyuq dəniz xərçəngləri, can ətindən zərif steyk («heç mənə can əti vermədilər», – deyə Susanna fikirləşdi), qızarmış kartof, salat, isti köpməcələr, şokoladlı muss, təzəcə dəmlənmiş qəhvə və konyak.

– Bu sizə bəs edərmi? – bələdçi canıyananlıq etdi.

«Bir nömrəli» təbəssüm bu dəfə Çarlinin bütün sifətinə yayıldı.

– Siz mənim cavan ömrümü xilas etdiniz, – o, şəhvətlə dedi. – Heç bilmirəm, xəcalətinizdən necə çıxım.

«Bilirsən, – Susanna iştahla yeyən Çarliyə baxıb düşündü. – Mərc gəlməyə hazıram ki, çox yaxşı bilirsən».


* * *

Mehmanxana Susannanı təəccübləndirdi. Böyük və vaxtilə kübar «Brodhem»in qədimliyi dərhal nəzərə çarpırdı. Mehmanxananın köhnə cah-calalının izləri hələ itməmişdi, amma çat vermiş mərmər döşəməsi, parlaqlığını itirmiş büllur çilçıraqları onun bugünkü nüfuzundan yox, keçmiş qüdrətindən xəbər verirdi.

Çarli Bebbitt yeniliyi, parlaqlığı, müasirliyi sevirdi. Burada isə hər şey fərqli idi.

Onları qeydiyyatdan keçirib kirayələdikləri miskin nömrəyə apardılar. Susanna yorğunluqdan güclə ayaq üstə dururdu. Yuxusu gözündən tökülürdü, yatmaqdan başqa heç nə istəmirdi. Sabah onları çətin gün gözləyirdi, hərçənd bu gün də asan olmamışdı. Suvağı tökülmüş hündür tavan, nə vaxtsa qızılı rəngdə olmuş, sürtülməkdən ağarmış karnizlər, tülək məxmər pərdələr gözləri önündə axırdı. Təkcə ikinəfərlik geniş çarpayını və az qala çarpayı boyda olan qədimi vannanı görəndə Susannanın bəbəkləri reaksiya verdi. Təcili vanna qəbul edib yatağa girdi.

Çarli onun yanında uzanmışdı. Gözləri açıq idi, siqareti siqaretə calayır və qaranlığa baxırdı.


* * *

Bazar günü də çox gözlənilməz başladı. Susanna dəfn mərasiminə uyğun – ayaqqabılarından tutmuş düymələrinə qədər qara libasda yataq otağından çıxanda Çarli güzgünün qabağında qalstukunu düzəldirdi. Nəsə, qəribə görkəmi var idi. Amma bu qəribəliyin nədən ibarət olduğunu Susanna ayırd edə bilmirdi.

Çarlinin əynindəki kostyum onun əvvəlki geyimlərindən fərqlənirdi: bəlkə, köhnə dəbdə olması ilə, bəlkə, sıx tünd zolaqları ilə seçilirdi. Amma bu paltar Çarlini dəyişmişdi. İndi o, adamın kənardan baxanda həsəd apardığı, rəğbət bəslədiyi Ancelinoya – nöqsansız, təmizliyi və dərrakəsi zərrə qədər şübhə doğurmayan gənc iş adamına çevrilmişdi. Köhnə avtomobillər alıb-satan Hollivud alverçisindən əsər-əlamət qalmamışdı. Yalnız bu gənc iş adamı həmişəki qara eynəyini gözlərinə taxanda Susanna qarşısında məhz Çarli Bebbittin dayandığına inandı.

Ən qəribəsi isə o idi ki, Çarlinin yeni siması növbəti maska deyildi, onun bütün görkəmindən süzülən ləyaqət hansısa təzə oyunun başlanğıcından xəbər vermirdi. Susannaya bu, gün kimi aydın idi.

İcarəyə götürdükləri maşın mehmanxananın fırlanan qapılarının ağzında gözləyirdi. Qara və sadə «linkoln» onların iştirak edəcəkləri mərasimin xarakterinə uyğun idi. Susanna Çarlinin dəfnə qırmızı rəngli «kadillak»da gedəcəyini düşünmürdü, bununla belə, onun təvazökarlığına təəccübləndi. Daha bir sürpriz!

Maşın Sinsinnatinin mərkəzi küçələri ilə şəhərətrafı məhəllələrə doğru irəliləyirdi. Onlar yanaşı oturub susurdular. Beton, kərpic və polad konstruksiyalar öz yerini yaşıllıqlara, kiçik birmərtəbəli evlərə verdi, sonra daha dəbdəbəli, mühafizə sistemli hündür hasarların arxasında sıra ilə düzülmüş binaların qarşısından keçdilər və nəhayət, qəbiristanlığın daş darvazasından içəri girdilər. Bura reklam prospektlərində nəşr olunan şəkillər qədər gözəl, 1835-ci ildən əsası qoyulmuş nəhəng xatirə parkı idi. Yumru təpələrin ətrafındakı yaşıl çəmənliklərdə çoxlu sərv və söyüd ağacları əkilmişdi. Onların kölgəliyində, mərmər sərdabələr və qranit sinədaşları altında uyuyan ölülər səbirlə məhşər gününü gözləyirdilər.

Dəfn mərasimi təpələrdən birinin üstündə, çox gözəl mənzərəli yerdə keçirilirdi. On-on beş nəfər ağsaç, qara paltarlı, mötəbər görkəmli qadın və kişi açıq məzarın ətrafına toplaşmışdı. Tünd-mavi rəngli yay səması, rahibin al-qırmızı mantiyası və üzərində «Senford Bebbittə» yazılmış qızılgül əklili bu ağ-qara mənzərəni canlandırırdı.

Maşın təpənin ətəyində dayandı, Çarli düşüb pencəyinin qollarını və ətəyini çəkdi. Hamının nəzərləri ona dikildi.

– Məncə, burada səni gözləyirdilər, – Susanna pıçıldadı.

Çarli çiyinlərini düzəltdi, kədərli sükut içində yamacı qalxdı. Susanna onun arxasınca, bir neçə addım geridə gedirdi. Onlar məzara yaxınlaşıb dayanan kimi mərasim başlandı. Çarli ilə Susanna səslərini çıxarmır, himn oxuyanlara qoşulmur, rahibin dediklərini təkrarlamırdılar. Yalnız rahib İncildən İsa Məsihin «Mən Dirilik və Həyatam» sözlərini şahid gətirəndə Susanna xaç çevirdi. Əli öz-özünə qalxdı.

Mərasim qısa çəkdi, çox tez qurtardı. Çarli bahalı, bürünc naxışları olan tabutun üstünə bir ovuc torpaq atdı, göz yaşı axıtmadan, heç bir söz demədən başı ilə Susannaya işarə verdi. Qız yamacla maşına tərəf getdi, amma arxada Çarlinin kimisə çağırdığını eşidib geri döndü. Mərasim iştirakçılarından biri Çarliyə yaxınlaşdı və onlar əl verib görüşdülər. Yəqin, bu, Con Muni – qoca mister Bebbittin vəkili olardı. Onların nə danışdığını Susanna eşitmədi, ancaq gördü ki, söhbətin axırında Muni cibindən bir topa açar çıxardı, açarların iki-üçünü ayırıb Çarliyə verdi. Çarli açarları döş cibinə qoydu.

Gənc mister Bebbitt geriyə baxmadan təpədən endi. Maşına əyləşdi və yalnız bundan sonra üzünü yanında oturmuş Susannaya tutdu:

– Planlar dəyişir. Biz Sinsinnatidə bir gecə də qalacağıq, yaxşı? Mənim bəzi işlərim çıxdı.

– Bəs indi hara gedirik? – Çarli maşının mühərrikini işə salanda qız soruşdu.

– Görərsən.

– Yenə də. Əvvəldən desən, pis olmaz.

– İst Volnet Hillzə.

Sinsinnatinin bu rayonunda küçələrdə nə maşın, nə adam gözə dəyirdi. Ətrafdakı nəhəng evlər əsl saraylara bənzəyirdi. Hərəsi, aşağısı, yarım hektar yer tuturdu. Belə yerdə heç kim heç kimi hasardan səsləmir, qonşu qonşudan duz istəməyə getmirdı. Buranın daş-divarları da adamın qulağına «böyük pullar» haqqında şirin nəğmələr pıçıldayırdı. Qışqırmır, məhz pıçıldayırdı. Çünki qışqırmağı ləyaqətinə yaraşdırmırdı.

– Budur, bu da mənim yurdum, doğma yuvam, – Çarli istehza ilə dedi.

Susanna maşından çıxdı. Senford Bebbittin daş sütunlu nəhəng evi onu heyrətə salmışdı. Qız ayaqlarını yerdən qopara bilmir, ağzını açıb evə baxırdı. Çarli bu sarayda böyümüşdü, lap yeniyetmə çağlarında öz həyatını qurmaq üçün yola çıxanadək burada yaşamışdı.

Çarli də maşından düşdü və çamadanı yük yerindən götürdü.

– Sən… bunu qoyub necə gedə bilərdin? – Susanna köks ötürdü.

Qız heç cür özünə gələ bilmirdi. Əvvəllər tanıdığı Çarli Bebbittlə bu cah-calalın sahibinin oğlu Çarli Bebbittin eyni adam olduqlarına inanmaqda çətinlik çəkirdi.

– Təşəkkür edirəm, – Çarli qısaca cavab verdi.

– Heç vaxt ağlıma da gətirməzdim.

Çarli qulaq asmırdı. O, çamadanı yerə qoyub çardağın altında, evdən qaraja gedən yolda qoşa dayanmış avtomobillərə tərəf gedirdi. Bunlardan biri gümüşü-şabalıdı «rolls-roys» idi. Amma Çarlinin diqqətini ikinci maşın – üstü açılıb-örtülən, 1949-cu il istehsalı olan «byüik roudmaster» cəlb etmişdi.

Bu, quyruqlu brontozavrlara bənzəyən əjdaha-maşınların yenicə meydana çıxdığı gözəl bir il idi.

Şirəli krem rəngində, qayğıkeş əllərin sürtüb parıldatdığı «byüik» bərq vururdu. Maşının bir dənə də olsa qüsuru yox idi – zil qara təkərlərindən tutmuş al-qırmızı dəri oturacaqlarına qədər, kapotun üstündəki qalxanlarından tutmuş radiatorun dişli barmaqlıqlarına qədər, quyruğundakı firma nişanından tutmuş maili qabaq şüşəsinə qədər büsbütün göz oxşayırdı. O, ecazkar idi, qeyri-adi, kübar görünüşü vardı və Çarlinin maşına baxanda ürəyi açılırdı.

Susannanın isə ikirəngli «rolls-roys»a gözü düşmüşdü.

– Atan birjada makler işləyib?

– O, investisiya bankının sahibi idi, – Çarli gözünü «byüik»dən çəkmədən cavab verdi. – Bu qəbildən olan iş adamları böyük zövqlə geyinməkləri ilə başqalarından fərqlənirlər.

Çarli məhəbbətlə «byüik»in yanlarını sığalladı. Susanna da nəzərlərini «rolls-roys»dan ayırıb «quyruqlu əjdaha»ya dikdi.

– Əla arabadır, – heyranlıqla dedi.

– Özümü tanıyandan bu maşın yadımdadır, – Çarli gülümsədi və əlavə etdi. – Amma ömrümdə cəmi bircə dəfə onun sükanı arxasında oturmuşam.

Çarlinin səs tonu Susannanı ona tərəf dönməyə məcbur etdi. Ancaq Çarli üzünü çevirib susdu.

Ətrafına daş düzülmüş, sonu görünməyən uzun ləkdə sıra ilə qızılgül kolları əkilmişdi. Susanna gülləri çox sevirdi və onlardan yaxşı başı çıxırdı. Qız ləkdə bir neçə nadir qızılgül növünün olduğunu sezdi: çoxu solmaq üzrə idi, yarpaqlarını toz basmışdı, ləçəklərinin ucları büzüşmüşdü.

– Sulamaq lazımdır. Ölürlər.

Çarli ikrahla qızılgül kollarına nəzər saldı, sanki baxışları ilə onları qurutmaq istəyirdi.

– Sən bunlara görə narahat olma, – o, Susannanın sözünü kəsdi.

Çarlidən gün ərzində daha bir gözlənilməz hərəkət! Onun bu yazıq kollarla nə düşmənçiliyi ola bilərdi?

Susanna pilləkənləri qalxdı və giriş qapısının ağzında Çarlinin arxasında dayandı. Gənc Bebbitt lazım olan açarı tapıb uzun illərdən sonra doğma evinin qapısını açdı. İçəri girən kimi Susannanın heyrətdən gözləri böyüdü. Geniş zalın ortasında ikinci mərtəbəyə aparan böyük mərmər pilləkən var idi. Divarlara hər birinin boyu üç metrə çatan, barokko üslubunda çərçivələrə salınmış güzgülərdən üz çəkilmişdi. Çərçivələr qızıl suyuna salınmışdı. Güzgülər elə yerləşdirilmişdi ki, Çarlinin və Susannanın əksləri sonsuzluğa qədər uzanırdı. Hər şey Renessans dövrünün rəsm əsərlərindəki səhnəni xatırladırdı. Ev boş idi. Senford Bebbittin xatirəsinə hörmət əlaməti olaraq dəfn günündə bütün qulluqçulara istirahət vermişdilər.

Çarli qonaq otağının qapısını itələdi. Mebel yağının qoxusu havası dəyişdirilməmiş salonun iyinə və ağır pərdələrin tozuna qarışıb burunları qıcıqlandırdı. Bu hündür pərdələri hər gün təmizləsən də, qırçınların arasına dolmuş bütün tozu sorub çıxarmaq olmurdu.

Bahalı Şərq xalçaları ilə bəzədilmiş qonaq otağının ucu-bucağı görünmürdü. Susanna sanki xalça okeanına düşmüşdü, qırmızı ağacdan əntiq mebellərin arası ilə üzürdü.

Divarlardan çoxlu rəsm əsərləri asılmışdı. Onların çərçivələri qızıl suyuna salınmışdı. Demək olmazdı ki, bunlar hamısı möhtəşəm, orijinal əsərlər idi, amma ev sahibinin keçmiş əzəməti və zəngin mirası haqqında tam təsəvvür yaradırdı, eyni zamanda evi bürümüş sükutu və kədəri daha qabarıq nəzərə çarpdırırdı. Təsəvvürə də gətirmək mümkün deyildi ki, bu nəhəng otaqda nə zamansa gülüş sədaları, uca səslər eşidilib, sevgi dolu sözlər söylənilib. Bu məkan hisslərin yaşandığı yox, hadisələrin cərəyan etdiyi bir meydana bənzəyirdi. Ancaq bir həqiqətdir ki, nə zamansa bu yerdə də hisslər, özü də çox güclü hisslər yaşanmışdı. Çarli buna şahidlik edə bilərdi.

Gənc mister Bebbitt qapıda dayanıb qonaq otağını qarış-qarış nəzərdən keçirirdi.

– Sənə nə olub? – Çarlinin sifətinin ifadəsindən heç nə başa düşə bilməyən Susanna soruşdu.

Çarli qıza baxmadı, özü ilə danışırmış kimi pıçıldadı:

– Mən ona evi tərk etdiyimi deyəndə bax burada dayanmışdım… O isə oturmuşdu… Bax, orada oturmuşdu.

Çarli başını yellədi, sanki birdən-birə qulaqlarına dolmuş səsləri, beyninə hakim olmuş xatirələri silkələyib yerə tökmək istəyirdi. Sonra o, Susannanın əlindən yapışdı, evi gəzdirdi: geniş mətbəxləri, yeməkxananı, kitabxananı, ikinci mərtəbədə sayı-hesabı bilinməyən yataq otaqlarını göstərdi. Birinci mərtəbədə iki mətbəx, hərəsinin də öz qulluqçuları, aşpazları var idi. Yeməkxananın divarlarına iri şamdanlar pərçimlənmişdi, iyirmi nəfərlik uzun masanın üstündən isə büllur çilçıraq asılmışdı. Zəngin kitabxanada tavana çatan rəflərdə dəri üzlüklü kitablar düzülmüşdü, əksəriyyətinin adı qızıl suyu ilə yazılmışdı. Hər yataq otağında buxarı, enli çarpayı, mərmər vanna, əlüzyuyan qoyulmuşdu.

Susannanın isə üçüncü mərtəbədəki kiçik otaqdan daha çox xoşu gəlmişdi. Çarli bu evdən çıxıb gedənə qədər həmin otaqda yaşamışdı. Açıq-aşkar görünürdü ki, yeniyetmə çağlarında Çarli kinolarda göstərilən yaşıdlarından fərqlənmirmiş: ensiz çarpayı, beysbol yarışlarında qazandığı diplom və mükafatlarla bəzədilmiş divarlar, hərbi təyyarələrin – MiQ və F-14-lərin maketləri…

Həmin illərdən bu otaqda heç nə dəyişməmişdi. Hətta çirkli köynəklər də on il əvvəl Çarli onları necə büküb atmışdısa, eləcə də dolabda qalmışdı.

Kiçik taxt, rəfdə qalaqlanmış «Dəfinələr adası», «Robin Qud», uşaqların sevdiyi digər klassik əsərlər Susannanın tanıdığı Çarli Bebbittin obrazına heç cür uyğun gəlmirdi. Və bu çox təsirli idi, Susannanı həyəcanlandırırdı. Onun burada gördüyü Çarli Bebbitti Los-Ancelesdə, ümumiyyətlə, kimsə tanımırdı.

Divar dolabında Çarlinin əşyalarını qurdalayan Susanna oradan köhnə bir qutu çıxardı. Döşəmədə oturub qutunu açdı. Şəkillər, üstü avtoqraflı albomlar, «Kiss» qrupunun plakatı, o vaxtın hit mahnılarının mətnləri… Sevdiyi adamın uşaqlıq illərinə səyahət Susannaya çox maraqlı gəlirdi. Qız başını qaldıranda onu diqqətlə izləyən Çarlinin dodaqlarında incə təbəssüm gördü.

– Necə də məzəlidir!

– Səni kimi gözəl qulaqları olan gənc qızın uşaq oyunları oynaması artıq gecdir, – Çarli zarafatla dedi.

– Mən uşaq oyunları oynamıram. Sadəcə, maraqlanıram. Sən onun yeganə oğlu olmusan… Sən doğulanda onun neçə yaşı vardı? Qırx beşə yaxın? Bəlkə də, fikirləşirmiş ki, daha övladı olmayacaq. – Susanna dodağını dişlədi, amma davam etdi. – Odur ki o səni sevməyə bilməzdi.

Çarli qıza tərəf əyilib onun qulaqlarının sırğalığını sığalladı. Susanna buna əhəmiyyət vermədi.

– Bəs onda niyə o sənə nifrət edirdi?

Çarli sualı eşitməzliyə vurdu.

– Çəhrayı qulaqcıqlar… balaca xalı da var… bax, burasında.

Susanna onun nəyə işarə etdiyini anlayırdı. Çarli istəyirdi ki, başqa məsələdən danışsınlar, atası ilə münasibətlərinə toxunmasınlar. İstəyirdi ki, matəm kostyumunu çıxarsın. İstəyirdi ki, elə buradaca, uşaq otağında, öz köhnə çarpayısında Susannanı sevsin. Qoy o balaca oğlan illər sonrası özünün çevrildiyi kişi ilə görüşsün.

Birdən-birə Susanna da eyni şeyi istədiyini başa düşdü.


* * *

Sonra Susanna onun köhnə, tər iyi verən köynəyini geyindi, cins şalvarını əyninə keçirdi. Çarli isə kostyumun şalvarını geyindi və qurşağa qədər çılpaq qaldı: yeniyetməlik vaxtının paltarları daha ona olmurdu. İkilikdə böyük evin bu başından vurub o başından çıxdılar, mətbəxdə soyuducularda, anbarda rəflərdə nə tapsalar yedilər: konservləşdirilmiş dəniz ilbizləri, yengəclər, albalı və vanilli dondurmalar. Onlar özlərini dünyanın ən böyük və bahalı kukla teatrında nəzarətsiz qoyulmuş uşaqlar kimi aparırdılar.

Evin içini ələk-vələk edəndən sonra Çarli ilə Susanna dama qalxdılar. Geniş və tozlu çardaq həm də işıqlı və kifayət qədər səliqəli idi. Qədimi, dəmir örtüklü sandıqlarda Bebbittlərin ailə həyatının bir çox məqamlarından xəbər verən əşyalar qorunub saxlanılırdı. O cümlədən Çarlinin keçmişi də burada mürgüləyirdi. Budur, hündür uşaq kətili – Çarlinin özü də nə vaxt onda oturduğunu xatırlaya bilmədi. Oyuncaqlarla dolu yeşiklər, içində məktublar olan metal qutular…

Onlar xoşbəxt və yorğun halda çardaqda oturub köhnə jurnalları töküşdürmüşdülər. Susanna ilə Çarli heç vaxt belə yaxın olmamışdılar.

– Həyətdə gördüyümüz maşın yadındadır? – Çarli soruşdu.

Susanna başı ilə təsdiqlədi, hiss etdi ki, Çarli ona nəsə vacib bir söz demək istəyir.

– Atamın sevimli övladı mən yox, o idi. Maşın, bir də həmin qızılgül kolları, – Çarlinin səsində acı notlar duyulurdu. – Mənə onlara yaxınlaşmaq qadağan olunmuşdu. «Bu avtomobil şedevrdir, – deyirdi, – özünə xüsusi münasibət tələb edir. Uşaq üçün deyil». – Çarli getdikcə əsəbiləşir, sifəti sərtləşirdi. Susannaya elə gəlirdi ki, Senford Bebbittin səsini eşidir. – Onuncu sinifdə idim. On altı yaşım vardı. Bir dəfə qiymət kitabçamı gətirdim, qiymətlərimin hamısı əla idi…

Qız ağzını açıb qulaq asırdı.

– Təəccüblənmə.

– Bəs nə edim? – Susanna bic-bic gülümsədi.

– Yaxşı, özün bilərsən, – Çarli də güldü. – Deməli, kitabçamı göstərib dedim: «Olarmı dostlarımı «byüik»də gəzdirim? Bu da mənim mükafatım olsun». O icazə vermədi. Buna baxmayaraq fikrimdən dönmədim. Açarları çırpışdırdım.

– Niyə? – Susanna cavab gözləyirdi.

– Çünki haqqım vardı! – Çarlinin səsi titrədi. – Mən, onun öz sözləri ilə desək, görkəmli nailiyyət əldə etmişdim. O isə ömründə, heç olmasa, bir dəfə mənimlə insan kimi davranmadı.

Susannanın ağlına kədərli bir fikir gəldi: «Hələ o vaxtdan onun özündə də eyni çatışmazlıqlar yaranıbmış». Amma qız heç nə demədi, diqqətlə qulaq asırdı.

– Kolumbiya bulvarında bizi polis saxladı. Dörd nəfər idik. O, maşının qaçırıldığı barədə polisə məlumat vermişdi. Oğlum icazəsiz maşınımı götürüb deməmişdi, oğurluq hadisəsini qeydə aldırmışdı. – Çarlinin rəngi qaralmışdı, xoşagəlməz xatirələr ona əziyyət verirdi. – Bizi mərkəzi polis idarəsinə apardılar. Başqa uşaqları ataları bir saat ərzində oradan çıxardılar. Mən iki gün məntəqədə qaldım.

– İlahi! – Susanna pıçıldadı.

– Dəhşət idi, – Çarli büzüşdü, həmin qırx səkkiz saat bir anda gözünün önündən keçdi. – Heç vaxt belə heyvani hisslər, belə qorxu keçirməmişdim. Həbsxanaya düşsəm, axırım necə olardı? Az qala şalvarımı batırmışdım… Oradan çıxandan sonra isə evdən getdim. Və bir daha qayıtmadım.

Vəssalam. Bu da Çarlinin əhvalatı. Anasız qalmış oğlan uşağına atası dözülməz həyat şəraiti yaradır. Onun fikrincə, yeganə oğlunun kifayət qədər ağlı, bacarığı yoxdur, necə deyərlər, atasının adına layiq deyil. Və valideyninin zülmündən bezmiş oğlan evdən qaçır. Bundan sonrakı həyatını yalnız bir şeyə sərf edir: atasına sübut etməyə çalışır ki, onun barəsində yanılırmış… Amma artıq gecdir. Atası daha heç vaxt oğlunun uğurlarına sevinə bilməyəcək, uğursuzluqlarına görə onu danlamayacaq. Və heç vaxt onunla fəxr etməyəcək.

Çarli qəsdən özünü şən göstərib şit-şit güldü və Susannaya baxdı. Bununla demək istəyirdi ki, «hər şey cəhənnəm olsun, heç nə vecimə deyil», amma qızın yanıqlı baxışlarına tuş gəlib üzünü çevirdi. Xatirələr onu kövrəltmiş və müdafiəsiz qoymuşdu. Çarli sıxıldı, ayağa qalxıb «keçmişinə» üstdən-aşağı nəzər yetirdi:

– Bir bu zir-zibilə bax. Kovboy papaqları, oyuncaq qatarlar… – o, başını yellədi və qəlbində qarışıq hisslər oyadan bu yerdən qaçmaq istədi. – Gedək. Mən yenə acmışam. Soyuduculara bir də hücum çəkək. – Susannanın əlindən tutub yerindən durğuzdu.

Çardağın qapısına tərəf gedəndə Çarlinin gözü nəyəsə sataşdı, donub-qaldı. Küncdəki qutulardan birindən qalın parçanın ucu çıxmışdı. Onun yaddaşının dərinliyində nəsə tərpəndi və sanki Çarlinin donunu açdı.

– Aman Allah!

Çarli uzaqdan, lap uzaqdan – illərin qaranlığından süzülüb gələn zəif bir musiqi eşitdi… “Bitlz”…

O əyilib qutunun ağzını açdı. Bu, adi uşaq yorğanı idi. Yuyulmaqdan bəzi yerləri süzülmüş köhnə yorğan.

Çarlı yorğanı qutudan çıxardı.

– Sənindir? – Susanna soruşdu, hərçənd suala ehtiyac yox idi.

Çarli cavab vermədi. Tapıntısını işığa tutub qiymətli muzey əşyası kimi ehmalca qatlarını açdı. Əli ilə süzülmüş yerləri sığalladı, sonra üzünü yorğana sürtüb iyini ciyərlərinə çəkdi. Bu yorğandan ən şirin xatirələrin iyi gəlirdi.

– Çarli, – Susanna nəvazişlə onu səslədi.

Xatirələr yox oldu.

– Lənət şeytana, birdən yadıma düşdü… Yəqin, uşaqlıqda sənin də… xəyallarında yaşayan dostların olub…

Qız başını tərpətdi. Əlbəttə, olub. Onun «xəyallarında yaşayan rəfiqəsi» müqəddəs Məryəm idi… Susanna indiyədək ürək sözlərini təkcə ona söyləyir, hərdən müqəddəs Məryəmlə elə danışır ki, sanki yanında oturub əlindən tutmuş rəfiqəsinə sirlərini açır.

– Mənim dostumun adı isə Yağış Adam idi. Hə, dəqiq. Yağış Adam. Qorxanda, ya kimsə xətrimə dəyəndə başımı yorğanımın altına soxub gizlənirdim, Yağış Adam isə mənim üçün mahnı oxuyurdu, – Çarli gülümsədi. – Yadımdadır ki, tez-tez belə olurdu. Tez-tez qorxurdum. İlahi, gör nə qədər vaxt keçib!

– Bəs o nə vaxt yoxa çıxdı? – Susanna təsirlənmişdi. – Dostunu soruşuram.

– Yadımda deyil, – Çarli etiraf etdi. – Görünür, mən böyümüşəm, o da çıxıb gedib…

O, yorğanı bir neçə saniyə də əlində saxlayıb qutuya tulladı və xatirələrə birdəfəlik son qoydu.

– Gedək, yemək axtaraq.


* * *

Axşam Susanna Çarlinin otağında çarpayıda oturub onun şəkil albomlarını vərəqləyirdi. Çarli isə atasının vəkili Con Muni ilə aşağıda qonaq otağında söhbət edirdi. Vəkil qırmızı ağacdan yonulmuş masanın üstünə qalın zərf qoydu.

– Vəsiyyətnamədir – Senford Bebbittin son iradəsi.

Çarli mister Bebbittin yeganə və şəkk-şübhəsiz varisi idi, ona görə arxayınlıqla Cona qulaq asırdı. Vəkil isə məsələni uzadırdı. Əslində, ondan bircə şey tələb olunurdu: deməliydi ki, «oğul, bütün bunların hamısı sənindir». Amma Çarli məhz bu sözləri eşitmirdi. Vəkil tələsmir, soyuqqanlığını qoruyurdu. Həyat da qumar kimi bir şeydir: bütün oyunçular öz sözünü deməmiş kartlarını açmamalısan.

– İndi keçək vəsiyyətnamənin oxunmasına. Ancaq bundan qabaq, atanızın öz istəyi ilə, mən sizə bir məktub da oxumalıyam. Etiraz etmirsiniz ki? – Con Muni eynəyinin üstündən Çarliyə baxdı.

– Niyə etiraz etməliyəm? – Çarli çiyinlərini çəkdi. Ürəyində isə fikirləşdi ki, nə yaxşı söhbət məktubdan gedir, atası onun üçün, çoxları kimi, o dünyadan videomüraciət göndərməyib. Deməli, gözlərini qocanın ekrandakı sifətinə zilləmək lazım gəlməyəcək. Sadəcə, qulaq asmaq kifayət edəcək. Amma, istənilən halda, bunsuz keçinmək daha yaxşı olardı. Çarlinin içində qəribə bir narahatlıq hissi baş qaldırdı.

Muni razılıq əlaməti olaraq başını tərpətdi və bağlı zərfi açdı.

O, zərfdən iki qalın, bahalı kağız çıxardı. Kağızların hər ikisinin üzərində mister Senford Bebbittin nişanı – adının baş hərfləri həkk olunmuşdu. Çarli atasının nişanını dərhal tanıdı.

– «Mənim oğlum Çarli Bebbittə. Əziz Çarlz, – vəkil məktubu oxumağa başladı. – Bu gün mənim yetmiş yaşım tamam olur. Mən qocayam, amma hələ o qədər qocalmamışam ki, ananla birlikdə səni doğum evindən çıxardığımız gözəl günü unudum. Sən əla uşaq idin, gülümsər və böyük ümidlər verən bir körpə idin».

Çarlinin içi əsdi. Yenə zəhləsi getdiyi bu söz: «böyük ümidlər verən»… Atasının sevimli sözü.

– «Sənin birdəfəlik məndən küsüb möhtəşəm planlarını həyata keçirmək üçün evdən getdiyin günü də xatırlayıram», – Muni davam etdi. – O zaman sən ancaq özünü fikirləşirdin».

Vəkil oxumağına ara verib Çarlinin reaksiyasını gözlədi. Amma mister Senford Bebbittin oğlunun sifəti heç nə ifadə etmirdi. Muni yenə gözlərini kağıza dikdi:

– «Sənə təklif etdiyim həyat tərzini və bizim mənsub olduğumuz dairədə yüksək qiymətləndirilən hər şeyi rədd etdiyini başa düşə və bağışlaya bilərəm»…

– Onun sözləridir, tanış ifadələrdir, – Çarli yüngülcə gülümsədi. – Elə bil səsini də eşidirəm.

Muni gözlərini kağızdan ayırmadan Çarlini dinlədi və məktubun arxasını oxudu:

– «Anasız böyüdüyün üçün daşürəkli olmağının səbəbləri də anlaşılandır. Amma sən məni sevdiyini, yaxud mənə hörmət etdiyini bir dəfə də, lap yalandan da olsa, göstərməyə çalışmadın. Hamısını keçirəm. Ancaq sən mənə heç vaxt məktub yazmadın, zəng etmədin, barışmağa kiçicik cəhd belə göstərmədin və bununla məni oğulsuz qoydun. Sənə həmişə arzu etdiklərimi indi də arzu edirəm. Həmişə sənin xeyrini istəmişəm və yenə istəyirəm».

Con Muni məktubu bitirdi, səliqə ilə qatlayıb zərfə qoydu. Açıq-aşkar görsənirdi ki, qoca vəkil təsirlənib. O, nəzakətlə öskürdü, amma Çarlidən səs çıxmadı. Çarli dinməzcə oturub işin sonunu gözləyirdi.

Bu dəfə vəkil ikinci kağızın qatını açdı və qarşısındakı gəncin üzünə baxmadan oxumağa başladı:

– «Çarlz Senford Bebbittə mənim həyatıma oğlumla eyni ildə – 1962-ci ildə daxil olmuş üstü örtülüb-açılan «byüik»i vəsiyyət edirəm. Bu maşın mənə uzun illər sədaqətlə xidmət edib. Bəlkə, ona baxanda oğlum məni xoş sözlərlə yad edər. Bundan başqa, mənim çoxsaylı mükafatlara layiq görülmüş qızılgül kollarımı da ona vəsiyyət edirəm. Ola bilsin, bu gözəl kollar ona ustalığın və daim kamilliyə can atmağın həyatda nə dərəcədə vacib olduğunu xatırladar»…

Çarlinin dumanlı şübhələri artıq gerçək cizgilər alırdı. O, burada bir kələk olduğunu bütün dərisi ilə hiss edirdi.

– «Evə, mənim digər daşınan və daşınmaz əmlakıma gəldikdə isə onlar bu vəsiyyətnaməyə əlavə edilmiş xüsusi sənəddə göstərilən qaydada idarə olunmalıdır».

Muni masanın üstündəki kağızlarını yığışdırdı.

– İdarə olunmalıdır? Xüsusi sənəd? O nə xüsusi sənəddir? Lənət şeytana, bu nə deməkdir? – Çarli tövrünü pozmadan sakit tərzdə soruşdu. – O sonuncu hissədə oxuduğunuz nə deməkdir?

– Bu o deməkdir ki, bütün vergilər ödənildikdən sonra qalan üç milyon dollarlıq varidat qəyyumluğa veriləcək. Onları anonim himayədar şəxs idarə edəcək.

– Bəs o kimdir? – Çarlinin bütün əzaları gərilmişdi, amma səsi rəvanlığını saxlayırdı. Bilmək istədiklərinin hamısını Munidən öyrənənə qədər özündən çıxmamalı idi.

Con Muni sənədləri «diplomat» çantasına qoydu.

– «Anonim» o deməkdir ki, mən bu adamın adını açıqlaya bilmərəm, – vəkil qətiyyətlə dedi. – Vəsiyyətnamə oxundu, mən öhdəmə düşən işi gördüm.

– Bu pulları kim idarə edəcək? Siz?

Muni başını buladı:

– Mister Senford Bebbitt onun adını göstərib, amma mənə bu barədə sizə məlumat verməməyi tapşırıb.

Vəkil ayağa qalxdı və əlini yumşaq şlyapasına uzatdı.

– Bu… bu idarəçilik necə olacaq? – Çarli inad etdi. Bütün bədəni gizildəyirdi. Sanki isti evin qapısını üzünə çırpmışdılar və onu şaxtalı havada lüt qoymuşdular.

– Bağışlayın, – Muni yenə başını buladı. – Bundan artıq heç nə deyə bilmərəm.

Vəkil çıxışa doğru getdi. Çarli gözünü ondan çəkmirdi. Qapıya çatanda Muni dayanıb geri döndü:

– Çox təəssüf edirəm, oğul. Görürəm ki, necə məyussunuz, amma…

– Məyusam? – Çarli bağırıb yerindən dik atıldı. – Mən niyə məyus olmalıyam? Əlimə göydən köhnə maşın düşüb, elə deyil? Hələ qızılgül kollarını demirəm! Bu lənətə gəlmiş cındır kolları da yaddan çıxarmayaq!

Qoca vəkil mərhumun oğlundan belə qeyzli hərəkət gözləmirdi, ona görə çaşdı. Çarli isə artıq hövsələsini itirmişdi, heç nə gözünə görünmürdü:

– Bu… Adına nə dediniz? «Hami»?

– Himayədar şəxs, – Muni yavaşdan dedi. – Anonim varisin himayədarı.

– Bu avara şəxs üç milyon dollara yiyələnəcək. Bəs QIZILGÜL KOLLARI ona nəsib olacaqmı? Yox, andıra qalsın o kollar! Atacığazım onları yeganə oğluna saxlayıb. O yaramaz himayədar isə buna görə acı göz yaşları tökəcək!

– Çarlz…

– Bu axmaq… – Çarlinin qan beyninə vurmuşdu, heç kimə qulaq asmaq istəmirdi, – bu fahişə qızılgül kolları!

– Lazım deyil…

– O, qəbirdə yata-yata məni qarət etdi! – Çarlini saxlamaq olmurdu. – Qarət etdi! Qarət etdi! Lənətə gəlmiş qəbrindən məni taladı!

Çarli boğulurdu, güclə nəfəsini dərə bildi:

– O, indi cəhənnəmdədir, mister Muni. Oradan bizə baxır və gülməkdən qarnı cırılır.

Çarli hirsindən dəli kimi başını sağa-sola elə yelləyirdi ki, Müni təşvişə düşdü.

– Senford Bebbitt!.. Siz, heç olmasa, bir dəqiqəliyinə bu vicdansızın oğlu olmaq istəyərdinizmi? Onun murdar məktubunu oxudunuz? Eşitdiniz?..

Çarlinin səsi qırıldı. O artıq danışa bilmirdi, xırıldayırdı. Yumruqları düyünlənmişdi, sinəsi ağır-ağır qalxıb-enirdi.

– Bəli, ser, mən eşitdim, – vəkil Çarlinin gözlərinin içinə baxdı. – Bəs siz?


* * *

Vəkil gedəndən sonra Çarli bir neçə dəqiqə qəfəsə salınmış vəhşi heyvan kimi ora-bura vurnuxdu, axırda həyətə qaçdı. Hava! Ona təmiz hava lazım idi. Boğulurdu. Hiddət, ağrı, dözülməz tənhalıq hissi onun boğazından yapışıb amansızcasına sıxır, nəfəsini kəsirdi. Elə bil Çarlini ölümcül döymüş və yolda atıb getmişdilər.

Lənətə gəlmiş gül kolları! Senford Bebbitt bu hədiyyəsi ilə ölümündən sonra da onu ələ salırdı. Qızılgüllər həmişə onun üçün oğlundan əziz olmuşdu. Çarlinin yadına uzun, bitmək bilməyən bazar günləri düşdü. Atası onu harasa – sirkə, ya futbola aparmaq, yaxud öz «byüik»ində gəzdirmək əvəzinə səhərdən-axşama zəhrimara qalmış gülləri ilə əlləşirdi. Budayırdı, alağını təmizləyirdi, dərmanlayırdı, diblərini boşaldırdı, bağlayırdı. Bu soyuq, xırdaçı adamda hissiyyat deyilən şey yox idi. Əgər vardısa da, nə insanlarla, nə də öz doğma oğlu ilə bağlı deyildi, yalnız güllərlə əlaqədardı. Çünki yalnız güllər onun ümidlərini boşa çıxarmırdı. Onlar Senford Bebbittə bir yığın mükafat qazandırmışdı, oğlu Çarli isə ömründə bir dəfə də hər hansı yarışdan evə qələbə çələngi gətirməmişdi.

Odur ki Çarlinin atasının qızılgüllərinə belə güclü nifrət bəsləməsində təəccüblü bir şey yox idi. İndi isə bu kollar sanki bütün tikanlarını birdən Çarlinin bədəninə batırmışdı, bacarıqsızlığını, saysız-hesabsız nöqsanlarını onun gözünə soxurdu. Elə isə qoy cəzalarını çəksinlər, qoy ölsünlər!

Anonim varis… Bu sözlər Çarlinin beynində təkrarlana-təkrarlana rezonans verir, başqa düşüncələrə yer qoymurdu. Anonim varis… Kimdir o?! Lənət şeytana, Çarlinin tam hüququ çatdığı, halalca üç milyon dollardan çox pulunu kim oğurlayıb? Onu – köhnə avtomobillər satmaqdan başqa əlindən bir iş gəlməyən, daha yüksək məqama qalxmaq ümidinin üstündən xətt çəkilmiş Çarlini barmağına dolayan adam kimdir? Yox, Çarli onun yaxasından belə asanlıqla əl çəkməyəcək! Çıxış yolunu tapacaq. Fikirləşmək lazımdır. O hər şeyi yaxşı-yaxşı fikirləşməlidir!

Haradasa bir adam – kişimi? qadınmı? uşaqmı? – gəzir. Yaxın günlərdə o, xoşbəxt olacaq. Çarlinin xoşbəxtliyini oğurlayacaq. Çarli bu adamı tapmalıdır! Mərəkə sonra qopacaq. Heç kim, hətta Çarli Bebbitt də gözəgörünməz «anonim şəxs»lə müharibə apara bilməz. Onu mümkün qədər tez tapmaq lazımdır. Hələ ki gec deyil, hələ ki bu vəkillər və himayədarlar suyu tamam bulandırmayıblar. Amma necə? Onu harada axtarmalı? Nədən başlamalı?

Susanna Çarlini susuz hovuzun kənarında siqaret çəkən yerdə tapdı. Çarli artıq sakitləşmişdi və beynində plan cızırdı.

– Səni hər yerdə axtarmışam. Necə oldu? – Susanna qayğı ilə soruşdu.

Çarli gülümsədi:

– Gözlədiyim kimi.

Bundan başqa vəkillə söhbəti haqda o, qıza heç nə demədi.




Üçüncü fəsil


Gecəni Çarli çox narahat yatdı. Çarpayıda fır-fır fırlanır, tez-tez diksinib oyanırdı. Arada qarma-qarışıq, dəhşətli yuxular görürdü. Gah kimsə onu qovur, gah da o kiminsə dalınca qaçırdı. Amma Çarli kimdən gizləndiyini, kimi qovduğunu, bu adamın dost, ya düşmən olduğunu, onu tapsalar, başına nə oyun açacaqlarını, yaxud qovduğunu tutsa, nə edəcəyini bilmirdi.

Nəhayət, səhər saat yeddinin yarısında gözlərini açdı. Harada gecələdiyini dərhal ayırd edə bilmədi. Axı, əslində, o, Los-Ancelesdə olmalı və adəti üzrə, iki saat bundan əvvəl oyanmalı idi. Hələ də Çarliyə elə gəlirdi ki, dalınca düşüblər, axtarırlar. Bəlkə, çox qaçdığı üçün ciyərləri susuzluqdan yanırdı?

Sonra bəzi şeylər yavaş-yavaş Çarlinin yadına düşdü. Aha, bura onun böyüdüyü ev, öz köhnə otağıdır. Atasının Sinsinnatidəki evi. Atası isə dünən dəfn olunub.

Dünənin hadisələri birdən-birə Çarlinin hafizəsində canlandı. Atasının dəfn mərasimi. Vəsiyyətnamə. Lənətə gəlmiş qızılgül kolları. Qəbrində yata-yata ona gülən Senford Bebbittin kabusu… Vicdansız!

O qalxıb çarpayının kənarında oturdu. Siqaretini uc-uca calayan adamlara xas quru öskürək sinəsini dağladı. Öskürəyi kəsməmiş təzə siqaret yandırdı. Divar tərəfdə yatmış Susanna yerində qurcalandı. O, Susannanın saçlarını sığalladı və qız dərhal yenidən yuxuladı. Çarliyə də bu lazım idi: o tək qalmaq, fikirlərini cəmləmək istəyirdi. Bəlkə də, bu gün onun həyatında ən vacib gün idi.

Çarli əynini geyinmədən barmaqlarının ucunda mətbəxə çıxdı və ocağın üstünə qəhvə üçün su qoydu. Soyuducuda ağzıaçıq paketdə portağal suyu var idi. Onu başına çəkib bir siqaret yandırdı. Sonra oturdu və dünən axşam ağlına gəlmiş planını bir daha çözələməyə başladı.

Birinci addım. Bunsuz digər addımlar mənasızdır: Çarlinin pullarını idarə edən «himayədar şəxs»in kim olduğunu müəyyənləşdirmək lazımdır. Axı bu it oğlu it «anonim varis» kim ola bilər? Onu öyrənəndən sonra qalanı nisbətən asan olacaq. Çarli bir şey fikirləşib tapacaq. O, həmişə bir çıxış yolu tapır. İndi bazar ertəsidir. Səhər saat yeddi. Bankların açılmasına hələ iki saat var, ancaq xidmətçilər işə, yəqin, səkkizdən gəlirlər. Yığışmaq vaxtıdır.

Dəfnə geyindiyi kostyumunu ütüləməmək üçün Çarli onu vanna otağından asmışdı. Buxarın və nəmişliyin təsiri altında səhərə qırışlar açılmışdı. Duş qəbul edəndən sonra o, üzünü tərtəmiz qırxdı, rəfdən tapdığı kremdən – Senford Bebbittin kremindən! – yanaqlarına sürtdü. Bircə qocanın siqarından da çəksəydi, bu saat Çarlidən atasının iyi gələrdi.

Çarli şəkərli qəhvə fincanını əlinə götürüb Susannanı yuxudan qaldırmağa getdi.

– Vaxtdır, əzizim, yığışmaq lazımdır. Mən bəzi işləri qaydasına qoymalıyam. Gedək.


* * *

Çarli krem rəngli «byüik»ini Sinsinnatinin mərkəzində, «Midvest Amerika Ripablik Bank»ın qarşısında saxladı. Bu, Susannaya qəribə gəldi:

– Niyə burada dayandıq?

– Bir şey öyrənməliyəm, – Çarli dedi. – Bir neçə dəqiqə vaxtımızı alacaq. Sən məni maşında gözlə.

Çarli banka girib sağa-sola boylandı. Onun planına uyğun gələn «namizəd» seçmək üçün təxminən yarım dəqiqə vaxt lazım oldu. Bu, adi xəzinədarların öhdəsindən gələ bilmədiyi əməliyyatları – pul köçürmələrini, vəsait qoyuluşlarını, müştərinin ödəmə qabiliyyətini araşdırmaq kimi işləri görən orta səviyyəli bank xidmətçilərinin sırasında oturmuş bir qız idi. Qız çox gənc deyildi, o qədər də yaraşıqlı görünmürdü və üz-gözünə səylə, bəlkə, həddindən artıq boya sürtmüşdü. Onun yarı külrəngli, yarı ağ saçlarının düzümü bərbərin kreslosunda saatlarla vaxt keçirdiyini göstərirdi. Müxtəsər, özünün çox cazibədar bir qız olduğuna şübhə etməyən bu xanımla beş dəqiqə çənə vurmaq, ona ürəkparçalayan bir əhvalat danışmaq, axırda isə «bir nömrəli» (ağlı başdan çıxaran!) gülüşü işə salmaq bəs edərdi.

Beş dəqiqədən sonra Çarli Bebbitt bankdan çıxdı. İndi o, himayədar şəxsin adını bilirdi: doktor Uolter Bruner. Çarli doktorun ünvanını da öyrənmişdi və həmin ünvanı necə tapmaq barədə ətraflı təlimatlandırılmışdı.

Çarli aydın və günəşli bir iyul günündə, yaraşıqlı və rahat maşında, gözəl və mehriban bir qızın yanında əyləşib yol gedirdi. Amma nə hava, nə «byüik», nə Susanna bu saat onu maraqlandırmırdı. O yalnız Bruner haqqında fikirləşirdi. Heç vaxt tanımadığı, görmədiyi bu adamı Çarlinin üç milyon dollarını qaytarmağa necə məcbur edəcəyini düşünürdü. Qarşıdakı ağır söhbətin ssenarisini dəfələrlə beynində fırladır, bütün mümkün variantlara hazır olmağa çalışırdı.

Şəhərdən çoxdan çıxmışdılar. Ohayo ştatının yamyaşıl çəmənliklərinin əhatəsində idilər. Amma ecazkar təbiət mənzərələri Çarlinin gözünə görünmürdü. Susanna isə bu səhnədən həzz alırdı. Qız özünü saxlaya bilməyib dedi:

– Buranın təbiəti necə də gözəldir! Sən əvvəllər bu yerlərdə olmusan?

– Əlbəttə yox.

Qız təəccübləndi:

– Onda bizim burada nə işimiz var?

Qəfildən Susannanı arxadan itələdilər, az qala burnu qabaq şüşəyə yapışacaqdı – Çarli kəskin hərəkətlə əyləci basmışdı.

– Ötüb-keçdik, – o mızıldandı və maşını dala verdi, döngənin bərabərinə çatanda dayandı.

Həqiqətən də, yolun kənarında əkilmiş ağacların qol-budaqları bu dar döngəni gözdən gizlədirdi. Hətta üstündə «Özəl malikanə» yazılmış yol göstəricisi də yaşıl yarpaqların arasında itib-batırdı.

Çarli döngəni buruldu. İri şabalıd ağaclarının budaqları çətir kimi yolun üstünü örtürdü.

Yalnız bundan sonra Çarli Susannanın sualına cavab verdi:

– Balaca bir işim də qalıb. Tez bitirəcəyəm.

Çarli bu sözləri o dərəcədə böyük etinasızlıqla dedi ki, Susannaya qəribə gəldi: «xırda bir işə görə bu boyda yolu gəlmək nəyə lazımdır?» Qız Çarlinin gözlərinə baxdı, amma qara eynək bu gözləri Susannadan etibarlı şəkildə gizlədirdi.

Maşın yavaş gedirdi. Əyri-üyrü, daş yol kəndarası enli cığırı xatırladırdı. Amma bir neçə yüz metrdən sonra yol genişləndi və kəskin döngədən sonra dağa qalxmağa başladı. Hündür təpənin üstünə qalxanda onlar qarşılarında böyük ağ bina gördülər. Yaşıl çəmənliklərlə əhatə olunmuş bu bina gözəl olmaqla yanaşı, ətraf təbiətlə vəhdət təşkil edirdi. O, otelə bənzəyirdi, amma hansısa varlı bir adamın şəxsi malikanəsi də ola bilərdi.

– Biz haradayıq? – Susanna maraqlandı.

Onlar ördəklər üzən bir gölün yanından keçdilər. Gölün mamır basmış sahilində cürbəcür güllər əkilmişdi. Yolun kənarında arxası maşına tərəf bir nəfər dayanmışdı. O, rəngə bulaşmış xalatda şəkil çəkirdi, qabağında molbert var idi. Çarli həmin adamın yanında maşını saxladı:

– Bağışlayın, təsadüfən, Uollbruk bura deyil?

Kişi reaksiya vermədi. Çarli bir az da bərkdən dedi:

– Bağışlayın…

Kişi dinməzcə üzünü çevirdi və Susannanın heyrətdən ağzı açıq qaldı. Hətta Çarli də bir anlığa soyuqqanlığını itirdi. Kişinin əlləri və sifəti parlaq rənglərə bulaşmışdı. Xalatının ətəyi tamam ala-bəzək idi. Molbertdə isə ördəklər oynaşan gölün və gözəl ağ evin idillik mənzərəsi əvəzinə qarmaqarışıq bir şey çəkilmişdi. Buna şəkil də demək olmazdı: irili-xırdalı ləkələr, əyri-üyrü xətlər, yoğun cizgilər kətanın üzərinə əllə yaxılmışdı. Adam heç nə anlamayan məsum bir uşaq gülüşü ilə onlara baxırdı.

Çarli bir neçə saniyə gözlərini bu qəribə rəssamdan və onun anlaşılmaz əsərindən ayıra bilmədi. Sonra maşını yerindən tərpətdi və binanın qarşısında saxladı.

Girişdə girdə bürünc lövhədə bu müəssisənin adı yazılmışdı: «Əqli cəhətdən zəif adamlar üçün Uollbruk mərkəzi».

Çarli maşından çıxıb artırmaya qalxdı, qapıdan asılmış latun çəkici döyəclədi. Qapını ortayaşlı gözəgəlimli bir qadın açdı; o çox sadə geyinmişdi və görünür, işini yaxşı bilirdi.

– Mən doktor Brunerlə görüşmək istərdim.

Qadın başının işarəsi ilə Çarlini içəri dəvət etdi. Susanna da onun arxasınca getdi. Qadın qonaqları doktorun geniş, rahat qəbul otağına apardı. Otaqda şifon parçadan üzlük çəkilmiş kreslo və divanlar qoyulmuşdu, buxarı ona xüsusi yaraşıq verirdi, pəncərələrin dəmir zolaqlı pərdələri qaldırılmışdı, masanın üstündə xeyli bahalı jurnal var idi. «Xəstəxananın qəbul otağı, – Çarli fikirləşdi, – onu gözəl mebellə, qədimi və zəngin əntiq əşyalarla nə qədər bəzəsən də, yenə xəstəxana otağı olaraq qalır». Qadın masanın ətrafına qoyulmuş iki kreslonun yanında dayandı, Çarli və Susannanın əyləşməsini gözləyib dedi:

– Doktor Bruner səhər yoxlamasındadır. Siz burada bir az gözləyə bilərsinizmi?

Çarli başı ilə qadına razılığını bildirdi və ona «üç nömrəli» (sözəbaxan oğlan!) gülüşünü bəxş elədi. Qadın da cavabında gülümsünüb otaqdan çıxdı. Çarli dərhal qalxıb daxili dəhlizə aparan qapıya yaxınlaşdı. Sağa-sola boylanıb irəli addım atdı.

– Çarli, – Susanna həyəcanla dedi, – məncə, burada bizə hara gəldi burnumuzu soxmaq olmaz.

– Sən soxma, – Çarli çiyninin üstündən cavab verib qapının arxasında gözdən itdi.

Susanna yerindən dik atılıb qorxa-qorxa onun dalınca getdi. Qız tək qalmaq istəmirdi.

Kənardan xəstəxana başqa cür görünürdü. Qəbul otağındakı əntiq əşyalar və güllü divar kağızlarını burada yalnız iş üçün yararlı sadə mebel və yaşıl rəngə boyanmış divarlar əvəz edirdi. Bir sözlə, bu mərkəz əsl xəstəxana idi. Susanna bərk-bərk Çarlinin əlindən yapışdı, Çarli isə diqqətlə şəraiti öyrənirdi.

Şübhə yeri qalmamışdı: Uollbruk ciddi müalicə müəssisəsi idi. Amma buranın xəstələrinin fiziki mənada ağrıyan yeri yox idi, ruhları zədəli idi. Onlar, hər halda, Çarli ilə Susannanın dəhlizdə gördükləri adamlar hay-küy qaldırmır, dava salmırdılar, əksinə, ətraf mühitlə çox az maraqlanırdılar, öz kiçik dünyalarına qapanmışdılar. Əksəriyyəti televizora baxırdı, amma, əslində, ekranda baş verən dramları nə görür, nə anlayırdı. Bəziləri masanın arxasında oturub uşaq tapmacaları üzərində baş sındırır, şəkilli karton kartları qarışdırırdı. Kimi də yerdə uzanıb oyuncaqlarla oynayırdı. Ağsaç yaşlı qadın parça kuklanı qurumuş əlləri ilə sinəsinə sıxır, astadan ona layla deyirdi. Hərə öz aləmində idi, heç kim heç kimə baxmırdı, heç kimlə danışmırdı. Bir neçə nəfər pudinqə, ya alma püresinə bənzər uşaq yeməyi qaşıqlayırdı. Eyni cür paltar geyinmiş xidmətçilər onlara ən adi işlərdə kömək edirdilər: birinin şokolada bulaşmış dodaqlarını təmizləyir, o birinin ağzının suyunu silir, üçüncüsünü ayaqyoluna aparırdılar.

Hər yanda sakitlik idi. Nə qışqıran, nə sayıqlayan, nə başını divara vuran, nə də küncə qısılıb gizlənməyə çalışan vardı. Sakitləşdirici dərmanlar öz işini görürdü. Ahəngdar musiqi həbləri atmaq, üstündən portağal suyu içmək vaxtının yetişdiyini bildirirdi. Və beləliklə, qorxunc Atilla reklam çarxlarındakı pişik balası Morrisə çevrilirdi. Kimya elmi möcüzələr törədir!

Xəstələrin «cəmiyyət» içinə çıxmayanda vaxtlarını keçirdikləri və yatdıqları təkadamlıq kiçik otaqlar Çarli ilə Susannanın yaddaşında daha dərin iz buraxdı. Onlar bir neçə belə hücrəyə başlarını saldılar. Otaqların çoxu boş idi – «sakinlər» işlə məşğul idilər. Amma bəziləri öz hücrələrindən çıxmamışdılar: dünyanın heç bir əyləncəsi onların gözlərini örtmüş etinasızlıq pərdəsini dəlib bu binəvaları həvəsə gətirə bilməzdi. Onlar öz hücrələrinin əsirləri idilər. Otaqların birində çarpayıda gənc oğlan oturmuşdu. Çarli ilə Susannanın qapının ağzından keçdiklərini görəndə o, yumruqlarını düyünləyib dəlicəsinə gicgahlarını döyəcləməyə başladı. Gənc mırıldayırdı, fırlanan gözləri az qala hədəqəsindən çıxacaqdı.

– Çarli, xahiş edirəm, mən daha dözə bilmirəm, – Susanna yalvardı, – gəl qayıdaq.

Amma Çarli onu Senford Bebbittdən qalma üç milyon dollarla bağlayan bu yeri tam görməmiş qayıda bilməzdi. Deməli, Uollbruk Hauz bura imiş! Dəlixana! Ağlını itirənlər üçün uşaq bağçası! Xroniki maymaqlar üçün istixana! Lənət olsun! Məsələ Çarli düşündüyündən də qəliz imiş.

Onun rəqibi rolunda bütöv bir müəssisə çıxış edirdi. Və bu müəssisə «anonim varis»ə etibarlı yerdə gizlənməyə, Çarlidən qanuni yolla oğurladığı milyonları istədiyi kimi xərcləməyə hər cür imkan yaradırdı. Çarli öz milyonlarının hara, necə xərclənəcəyini bilmək istəyirdi. Kifayət qədər gördü, kifayət qədər bildi.

Çarli Susannanın əlindən tutub qəbul otağına qayıtdı. Qız «ekskursiya»nın bitdiyinə çox sevinirdi.

Nəhayət, Çarlini işini bitirmiş doktor Brunerin yanına dəvət etdilər. O, qəddini dikəltdi, qara eynəyini taxdı. İşgüzar söhbətlər zamanı Çarli həmişə gözlərini qara eynəyinin arxasında gizlədirdi ki, fikrini üzündən oxuya bilməsinlər.

«Sakit. Çox sakit, Çarli, – o, içəri girməzdən əvvəl özünü təlimatlandırdı. – Kəskin hərəkətlər etmirsən, hər sözə diqqət yetirirsən. Unudursan ki, qarşındakı müttəfiq deyil».

Psixiatrın kabineti göz oxşayırdı. Nəhəng, döşəmədən tavana qədər uzanan pəncərələr yaşıl çəmənliyə açılırdı. Divarboyu rəflər tibb elminə aid qalın kitablarla dolu idi. Doktor dəridən üzlük çəkilmiş hündür stulda, viktorian üslubunda palıd ağacından yonulmuş iri masanın arxasında oturmuşdu. O ayağa qalxıb Çarlinin əlini sıxdı və ona oturmağa yer göstərdi.

Çarli göz altından rəqibini başdan-ayağa süzdü. Doktor Bruner təxminən əlli yaşında ciddi görünüşlü kişi idi, uzun saçlarına dən düşmüşdü. Onun mülayim, düzgün cizgilərə malik sifəti adama xoş gəlirdi. Ağıllı gözləri, tısbağa sümüyündən olan eynəyinin üstündən mənalı baxışları qarşısındakı şəxsin kim olduğunu və bura nə üçün gəldiyini bildiyini deyirdi. Amma doktor Bruner bunu Çarlinin öz dilindən eşitmək istəyirdi.

Çarli Bebbittə isə anonim varisin konkret adı lazım idi. Və o bu adamın kim olduğunu nəzakətlə soruşdu. Doktor Bruner lap vəkil Muni kimi cavab verdi:

– Çox təəssüf, amma onun adını açıqlamağa ixtiyarım yoxdur.

«Axı o lənətə gəlmiş adam kimdir?» – deyə Çarli qəzəblə qışqırmaq istəyirdi. Bununla belə, özünü saxladı. Hələ təmkinini pozmamalı, həmsöhbətinə hörmətlə yanaşmalı idi.

– Axı bundan sirr yaratmağa nə ehtiyac, ser? – Çarli stuldan qalxıb pəncərəyə yaxınlaşdı. – Əgər bu, atamın köhnə rəfiqələrindən biridirsə…

Pəncərədən Çarlinin «byüik»i görünürdü. Susanna arxa oturacaqda oturub onu gözləyə-gözləyə günəşli havadan və gözəl mənzərədən həzz alırdı. Xəstələrdən biri əcaib şəkildə ayaqlarını sürüyə-sürüyə maşına tərəf gedirdi. Belində məktəbli çantası olan həmin adamın ağıldankəm olduğu şübhə doğurmurdu. Çarli buna əhəmiyyət vermədi: dəlilər burada ümumi mənzərənin ayrılmaz tərkib hissəsini təşkil edirdilər.

– Mister Bebbitt, mən atanızla tanış olanda sizin iki yaşınız var idi, – doktor Bruner eyni nəzakətlə cavab verdi.

Çarli ona tərəf döndü:

– Mənim anam ölən ili deyirsiniz?

Bruner başı ilə təsdiq etdi:

– İndi mən atanızın malını-mülkünü idarə edirəm. Amma nə özüm, nə rəhbərdik etdiyim xəstəxana bundan xeyir götürmürük.

«Əlbəttə, götürməzsiniz», – Çarli fikirləşdi, ancaq ürəyindən keçəni dilinə gətirmədi, başqa söz dedi:

– Məncə, ədalətli deyil. Bəlkə… biz bu məsələni ayrıca müzakirə edək?! – Çarli açıq-aşkar sövdələşmə təklif edirdi.

Doktor Bruner qarmağa düşmədi.

– Atanıza sədaqətli olmağa söz vermişəm, – o, qətiyyətlə dedi. – Və heç vaxt vədimə xilaf çıxmaram.

Çarlini hirs boğurdu. «Sakit ol!» – o özünə əmr etdi və daxilindəki təlatümü hiss etdirməmək üçün yenidən üzünü pəncərəyə çevirdi. Belində məktəbli çantası olan ağıldankəm «byüik»in yanında dayanıb gözünü maşına zilləmişdi.

– Sizin fikrinizcə,.. mən də indi ona eyni sədaqət hissi keçirirəm? – Çarli çətinliklə də olsa dedi.

– Mənim fikrimcə, – Bruner yumşaq tərzdə cavab verdi, – siz özünüzü oğluna olan məhəbbətini heç vaxt üzdə göstərə bilməyən bir adam tərəfindən qarət olunmuş kimi hiss edirsiniz.

Doktor «onluğa» düşmüşdü. Çarli bir anlığa yerində donub-qaldı. Yenə həmin qızılgül kollarının iynələrini bədənində hiss etdi. Bu həkim sadə adam deyil!

Bayırda isə xəstə belindəki çantasından bloknot çıxarıb tez-tez maşına baxa-baxa nəsə yazırdı. Sanki qeydlər götürürdü.

– Sizin yerinizdə olsaydım, – doktor Bruner davam etdi, – yəqin, mən də eyni hisslər keçirərdim.

Çarlinin qəlbində ümid baş qaldırdı. Kəskin hərəkətlə üzünü həkimə döndərib eynəyini çıxardı, onun gözlərinin içinə baxdı. Tam səmimiyyət anı!

– Mən ümid edirdim ki, biz bir-birimizi başa düşəcəyik. Atamın… nə üçün belə hərəkət etdiyini mənə anladacaqsınız… Anlamaqda kömək edəcəksiniz. Bilirsiniz, əgər mən bunu başa düşməsəm, özümün gəldiyim qənaətə uyğun cavab tədbirləri görməli olacağam. Sizi əmin edirəm ki, qarşımı heç kim ala bilməyəcək.

Doktor Bruner əyləşib əllərini qarşısında cütlədi və barmaqlarının uclarını bir-birinə yapışdırdı. Onun sifətində gülüşəbənzər bir ifadə yarandı və tez də ötüb-keçdi. Budur, axır ki, rəqib silahını çıxardı. Hədə? Məhkəməyə çəkilmək qorxusu? Doktor gənc Bebbittdən belə təhlükə gözləyirdi. Çarli qəzəbini qara eynəklərinin arxasında gizlətsə, özünü nə qədər nəzakətli aparmağa çalışsa da, onun əvvəl-axır tərs üzünü göstərəcəyini bilirdi. Amma gəncin nəyisə Brunerin xoşuna gəlirdi. İti ağlımı? İnadı, bu qəddar dünyada ayaq üstə qalmaq üçün son dərəcə vacib olan güclü özünümüdafiə hissimi? Sözsüz ki, Çarli doktora ciddi problemlər yarada bilərdi, amma Brunerdə ona qarşı müsbət duyğular yaranmışdı. Belə rəqib hörmətə layiq idi.

– Şübhə etmirəm ki, mister Bebbitt, siz yaxşı döyüşçüsünüz, – doktor Bruner təmkinini zərrə qədər pozmadı. – Bu müəssisənin direktoru kimi mənə dəfələrlə hədə-qorxu gəliblər. Başım çox bəlalar çəkib. – Həkim ağır nəzərlərlə uzun-uzadı Çarliyə baxdı: – Amma, istənilən halda, mən hələ də buradayam. Hələ də direktoram.

Söhbət sona yetmişdi. Çarli əliboş qayıdırdı. Bruner qalib gəlmişdi: «anonim varis» anonim olaraq qalırdı. Amma Çarli geri çəkilməyə tələsmirdi. Bu, döyüşün yalnız birinci raundu idi. Hələlik rəqiblər bir-birini öyrənirdilər, qabaqda daha qızğın döyüşlər dururdu. Əlbəttə, məsələ uzana, Çarli Bebbittin düşündüyündən də çox vaxt apara bilərdi. Amma eybi yoxdur, Çarli şəraitə uyğunlaşmağı və ehtiyac yarananda hətta dözüm nümayiş etdirməyi bacarır.

Doktor Bruner onu binanın qarşısındakı artırmaya qədər ötürdü. Bayırda hava gözəl idi, quşların cəh-cəhi hələ də kəsilməmişdi, ancaq yay günəşi yavaş-yavaş adamı yandırmağa başlayırdı.

Çantalı xəstə «byüik»in böyrünü kəsdirib durmuşdu və dayanmadan bloknotuna nəsə yazırdı. Sanki ona bədbəxt hadisədən reportaj hazırlamağı tapşırmışdılar. O, əl saxlamadan tez-tez gah maşına, gah dəftərinə baxır, hərdən Susannaya da qısa nəzər salırdı. Susanna isə gözlərini ondan çəkmirdi.

– Reymond, – doktor Bruner təkidlə dedi. – Burada sənin işin yoxdur. Evə qayıt.

Çantalı xəstə direktora əhəmiyyət vermədi. Qələmi sürətlə bloknotun üstündə gəzdirdi. Çarli bu qəribə reportyorun yanından keçib maşına yaxınlaşdı və əlini qapının dəstəyinə atdı.

– Yazıq, – gözlənilmədən Reymonddan səs çıxdı.

Çarli başını qaldırdı:

– Mənə deyirsiniz?

Amma Reymond heç ona baxmırdı. Bütün diqqəti bloknotda idi, kağızla danışırdı.

– Hə, budur, oturacağın dərisinin rəngi də başqadır… Əslində… o, qəhvəyi rəngdə olmalıdır… Bu yazıqsa qırmızıdır…

Nəhayət, Çarli də Reymondla maraqlandı. Qarşısındakı bu bəstəboy adamın yaşını müəyyən etmək mümkün deyildi. Təxminən demək olardı ki, qırx beşə yaxın yaşı ola bilər. Görünüşündən fağır adama oxşayırdı. Başqa xəstələr kimi sadə və təmiz geyinmişdi, qısaqol çit köynəyini sinəsinə qədər çəkdiyi pambıq şalvarının altına salmışdı. Köynəyinin döş cibindən içi dolu plastmas qələmdanının ucu çıxırdı. Saç düzümü başının pulsuz qırxıldığını göstərirdi. Tükləri bir tərəfdə keçə kimi yapıxmışdı, o biri tərəfdə biz dururdu. Bununla belə, xəstənin qayğı və yaxşı qulluq gördüyü nəzərə çarpırdı.

Reymondun üz cizgilərində yaddaqalan bir şey yox idi: bir-birinə yaxın balaca, qara gözlər, ətli burun. Bu sifəti yalnız onun heç nə ifadə etməməsi ilə yadda saxlamaq olardı. Sanki o heç vaxt kədərlənmir, gülmürdü. Lap uşaq rəsmlərində baş yerinə çəkilmiş, həyat nişanəsi olmayan girdə halqalar kimi…





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289541) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Kaliforniya ştatında (ABŞ) gözəl kurort şəhəri (izahlar tərcüməçinindir: A.Ə.)




2


Toskana əyalətinin əhalisinin dili ən təmiz italyan dili sayılır. Lakin romalıların tələffüzü toskanalıların tələffüzündən gözəldir; «lingua toscana in bocca romana» – «romalının tələffüzündə toskana dili» ifadəsi XVIII əsrdə buradan yaranıb.




3


NASA (ing. National Aeronautics and Space Administration) – Milli Aeronavtika və Kosmos İdarəsi. ABŞ-ın mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış dövlət agentliyi.




4


Xudahafiz, sağ olun – ital.



Ən yaxşı Hollivud filmlərinin romanlaşdırılması ilə məşhurlaşan Leonora Fleyşerin bestsellerləri içərisində xüsusilə fərqlənən “Yağış Adam” maraqlı süjeti və qəhrəmanları ilə size çox təsirləndirəcək…

Как скачать книгу - "Yağış adam" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Yağış adam" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Yağış adam", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Yağış adam»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Yağış adam" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги серии

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *