Книга - Bir sevgi tarixçəsi

a
A

Bir sevgi tarixçəsi
Erik Siqal


Ekranlaşdırılmış əsər
Müəllifinin kinossenari kimi yazdığı, lakin kimsəyə sata bilmədiyi üçün menecerinin məsləhəti ilə romana çevirdiyi, nəticədə ona dünya şöhrəti qazandıran bu əsər oxucu qəlbini riqqətə gətirir.





Erik Siqal

Bir sevgi tarixçəsi



Silviya Herşerə və Con Fləksmana





…namque… solebatis Meas esse aliquid putare nugas…

(«…mənim cızma-qaralarımın mənasız olmadığına, yəqin ki, inanırsınız…»)

    Qay Valeri Katull,
    Miladdan öncə 87–54-cü illərdə yaşamış
    Roma şairi






1


Artıq həyatdan köçmüş iyirmi beş yaşlı bir qız haqqında nə demək olar?

Deyə bilərəm ki, o, gözəl idi. Ağıllıydı. Mosartla Baxın vurğunuydu. «Bitlz»i sevirdi. Bir də məni. Yadımdadı, o, yenə məni bu musiqiçilərlə eyni dəstəyə qatıb-qarışdırdığı günlərdən birində soruşmuşdum ki, yaxşı, bəs sən bizi hansı ardıcıllıqla sevirsən? Gülə-gülə cavab vermişdi: «Əlifba sırası ilə». Onda mən də gülmüşdüm. Amma indi oturub fikirləşirəm, tapmağa çalışıram: görəsən, o məni bu siyahıya adımla daxil edirmiş, yoxsa soyadımla? Əgər adımı nəzərdə tuturmuşsa, mən siyahının lap axırına düşürəm, Mosartın dalınca sürünürəm; yox, soyadımı götürürmüşsə, bir az irəliləmək imkanı qazanıram, Baxla «Bitlz»in arasına soxula bilirəm. İstənilən halda birinci olmamağım bəzi axmaq səbəblər üzündən məni əməlli-başlı əsəbiləşdirir. Xüsusilə ona görə ki həmişə, hər yerdə birinciliyə alışmışam. Yəqin, irsi əlamətdir, nəsilliklə belə olmuşuq.


***

Sonuncu kursun payızında meylimi Redkliff kitabxanasına salmışdım. Ona görə yox ki, pişik ətə baxan kimi mən də buradakı qızların ayaqlarına baxmağa gəlirdim. Hərçənd, nə gizlədim, imkan düşəndə əldən vermirdim. Amma ən əsası, Redkliff kitabxanası sakit bir yer idi, burada hansısa tanış adama rast gəlib onun çənəsinin altına düşmək təhlükəsi yox idi, dərsliklərə olan tələbat isə bizim universitetin kitabxanasındakı qədər yüksək deyildi.

Ertəsi gün növbəti tarix imtahanımı verməliydim. Harvard tələbələrinin səciyyəvi xəstəliklərindən biri də budur ki, onlar fənn müəlliminin tapşırdığı kitabları son ana qədər əllərinə almırlar. Tələsmədən kitabxananın qeydiyyat bölməsinə yaxınlaşdım və məni sabahkı biabırçılıqdan xilas edəcək dərsliyi istədim. Bölmədə, piştaxtanın arxasında iki qız dayanmışdı: biri – tennisçiyə bənzər uzundraz şey idi, digəri isə eynəkli siçanı xatırladırdı.

Mən «Dördgöz Siçan»ı seçdim.

– «Orta əsrlərin tənəzzülü» kitabınız varmı?

O, ötəri baxışla məni süzdü.

– Bəs sizin necə, öz kitabxananız varmı?

– Bura baxın, Harvard tələbələrinə Redkliff kitabxanasından istifadə etməyə icazə verilir, – deyə azacıq əsəbiləşdim.

– Söhbət məsələnin qanuni tərəfindən getmir, Preppi[1 - Preppi (ing. Preppie) – ali məktəblərə hazırlıq üzrə özəl kurslarda oxuyanlara istehza ilə verilən ad. Adətən, belə kurslara varlı ailələrin uşaqları gedirlər – bütün izahlar tərcüməçinindir.], – deyə «dördgöz» təhərini pozmadan cavab verdi, – mən etikadan danışıram. Harvardda sizin beş milyon kitabınız var. Bizsə bir neçə min kitabın ümidinə qalmışıq.

İlahi, sən bir bunun yekəxanalığına bax! Bəziləri hesab edirlər ki, Redkliffin qızlarının sayı Harvardın oğlanlarının sayından beş dəfə azdırsa, deməli, qızlar da burada beş dəfə bizdən ağıllı olmalıdırlar[2 - Qızlar üçün humanitar Redkliff kolleci 1879-cu ildə oğlanlar üçün Harvard universiteti (1636) ilə eyni şəhərdə yaradılıb. 1963-cü ildə kolleclə universitet arasında başlanmış sıx əməkdaşlıq 1999-cu ildə bu ali məktəblərin birləşməsi ilə nəticələnib. Kollec universitetin nəzdində Perspektiv Tədqiqatlar üzrə Redkliff İnstitutuna çevrilib.]. Görünür, bu qız həmin özündənmüştəbehlər zümrəsindəndir. Adətən, mən belələrinin buynuzunu dərhal sındırıram, amma indi zəhrimara qalmış kitabsız keçinə bilməzdim.

– Qulaq as, bu lənətə gəlmiş kitab mənə çox lazımdır.

– Olmazmı ki, danışığına fikir verəsən, Preppi?

– Axı niyə belə əminsən ki, mən özəl hazırlıq kurslarını bitirmişəm?

– O dəqiqə görünür ki, böyük ağıl sahibi deyilsən, amma varlısan, – deyə o, eynəyini çıxardı.

– Səhv edirsən, – etiraz etdim. – Əslində, mən ağıllı və kasıbam.

– Oh, Preppi, yox, ağıllı və kasıb mənəm.

İndi o, dimdik üzümə baxırdı. Şabalıdı gözləri var idi. Yaxşı, mübahisə etməyəcəyəm, bəlkə də, varlı olduğum, həqiqətən, sifətimdə yazılıb. Amma heç kimin, hətta gözəl gözləri olan bir Redkliff qızının da məni maymaq adlandırmasına dözmərəm.

– Bəs sən özünü niyə belə ağıllı hesab edirsən? – soruşdum.

– Çünki dünya dağılsa da, sənin kimisiylə qəhvə içməyə getmərəm.

– Bura bax, mənim səni heç hara dəvət etmək fikrim yoxdur.

– Elə buna görə də deyirəm ki, axmaqsan, – o cavab verdi. – Sübut istəyirdin, bu da sübut.


***

İcazənizlə, niyə bu ötkəm qızı qəhvə içməyə dəvət etdiyimi sizə başa salım. Ən gərgin məqamda uzaqgörənliklə geri çəkilməyim, yəni onu qəhvə içməyə aparmaq fikrinin çoxdan ağlıma gəldiyini deməyim arzusunda olduğum kitabı əldə etmək imkanı verdi. Kitabxana bağlananadək o, iş yerini tərk edə bilməzdi. Deməli, mənim ixtiyarımda kifayət qədər vaxt qalırdı ki, kral hakimiyyətinin on birinci əsrin sonlarında dinin təsirindən azad edilərək qanunla idarə olunmağa başlanması haqda bir neçə sanballı cümlə yadda saxlayım. Nəticədə imtahanda «A minus»[3 - A – ABŞ universitetlərində ən yüksək qiymət] aldım – kitabxanaçı qız ilk dəfə piştaxtanın arxasından çıxanda mən də onun ayaqlarına həmin qiyməti vermişdim. Demək olmaz ki, onun libasını da eyni dərəcədə yüksək dəyərləndirmişdim, məncə, bu qız çox ala-bəzək geyinmişdi. Xüsusilə çiynindən asdığı qəribə çantasını bəyənməmişdim – hindlilərin çantasına bənzəyirdi. Amma yaxşı ki, lağ etməmişdim, çünki sonradan məlum olmuşdu ki, onu özü tikib.

Biz yaxınlıqda yerləşən «Cırtdan» restoranına getdik. Restoranın adına baxmayaraq buraya təkcə liliputları yox, hamını buraxırdılar. Mən iki qəhvə və şokoladlı «brauni» ilə dondurma sifariş verdim (onun üçün).

– Mən Cennifer Kavilleriyəm, – deyə o özünü təqdim etdi, – italyan əsilli amerikalıyam.

Guya özü deməsəydi, haralı olduğunu soyadından başa düşməyəcəkdim.

– Musiqi sahəsində ixtisaslaşıram, – Cennifer əlavə etdi.

– Mənsə Oliverəm, – cavab verdim.

– Bu sənin adındır, ya soyadın? – o maraqlandı.

– Adımdır, – dedim və soyadımı, tam olmasa da, söyləməli oldum. – Oliver Barrett.

– O-o, – Cennifer canlandı. – Barrett tanınmış şairin soyadıdır[4 - Elizabet Barrett Brauninq (ing. Elizabeth Barrett Browning, 1806–1861) – məşhur ingilis şairi].

– Hə, – deyə mızıldandım. – Amma qohum deyilik.

Araya sükut çökdü. Ürəyimdə sevindim ki, nə yaxşı, Cennifer şairi yada saldı, başqaları kimi, soyadımı eşidər-eşitməz, «Barrett Holl»u[5 - Harvard universitetinin ərazisində qədim bina. Bina 1859–1860-cı illərdə Barrettlər nəslinin nümayəndəsi tərəfindən tikdirilərək universitetə bağışlanıb.] xatırlamadı. Harvardın həyətindəki bu nəhəng və yassar binanı tikdirib universitetə bağışlamış kişi ilə yaxın qohumluq əlaqəm olduğundan həmişə utanc hissi keçirmişəm. «Barrett Holl» – mənim ailəmin ölçüyəsığmaz varidatını, şöhrətpərəstliyini və Harvardizm xəstəliyini gözə soxan monumental abidədir.

Cenni nəzakətlə susmaqda davam edirdi. Yəni bizim söhbət üçün mövzumuz belə tez bitmişdi? Bəlkə, tanınmış şairə aidiyyətimin olmamağı onu məyus etmişdi? Nə baş vermişdi? Qız qarşımda oturub dinməzcə gülümsəyir və sifətimə baxırdı. Pərtliyimi gizlətmək üçün onun masanın üstünə qoyduğu dəftərləri götürüb vərəqləməyə başladım. Maraqlı xətti var idi: balaca, itiuclu hərflərlə yazırdı, böyük hərflərdən isə ümumiyyətlə istifadə etmirdi. (Nədir, bu da özünü e.e.kamminqsin[6 - Edvard Estlin Kamminqs (ing. Edward Estlin Cummings, 1894–1962) – Amerika şairi, yazıçısı, rəssamı, dramaturqu, formalizmin nümayəndəsi. Deyilənlərə görə, Kamminqs hətta öz adını belə kiçik hərflərlə yazırmış (e.e.cummings).] ardıcıllarından hesab edir?) Cenninin qeydlərini nəzərdən keçirir, onun adları çox romantik səslənən kurslarının nədən ibarət olduğunu dərk edə bilmirdim: «Müq.ədəb.105», «Musiqi150», Musiqi201»…

– «Musiqi201»? Bu nədir, buraxılış ilində tələbələr üçün ixtisas kursunun adıdır?

Cenni başı ilə təsdiqlədi və fəxrlə dedi:

– Renessans dövrünün polifoniyası!

– Bəs «polifoniya» nədir?

– Həyəcanlanma, Preppi, onun seksə heç bir aidiyyəti yoxdur.

Axı mən niyə bütün bunlara dözməliyəm? Nədir, bu qız heç «Crimson»u[7 - Harvard universitetinin qəzeti] oxumur? Mənim kim olduğumu bilmir?

– Ey, sən bilirsənmi, mən kiməm?

– Bilirəm, – onun səsində etinasızlıq duyulurdu. – Sən «Barrett Holl»un sahibisən.

Yox, o mənim kim olduğumdan xəbərsizdi.

– «Barrett Holl» mənə məxsus deyil, – qızın səhvini düzəltdim. – Mənim babamın böyük babası onu çoxdan Harvarda bağışlayıb…

– …ki, uzun illər sonra onun nəvəsinin kiçik nəvəsini həmin universitetə bəh-bəhlə qəbul etsinlər.

Bu yerdə artıq mənim səbrim tükəndi, o, bütün sədləri aşmışdı!

– Cenni, əgər sən mənim ağılsız, daxilimin boş olduğuna belə əminsənsə, nə üçün məni özünə qəhvə almağa məcbur edirdin, dalıma düşüb buraya gəlirdin?

O, düz gözlərimin içinə baxıb güldü:

– Çünki zahirin xoşuma gəlib.


***

Qalib gəlmək üçün uduzmağı da bacarmaq lazımdır. Burada heç bir ziddiyyət yoxdur. Məğlubiyyəti qələbəyə çevirmək bacarığı əsl Harvard tələbələrini başqalarından fərqləndirən mühüm keyfiyyətdir.

«Çox ağır qələbə oldu, Barrett. Amma siz fısqırıq oynadınız!»

«Çox şadam ki, uşaqlar, axırda istədiyinizə nail ola bildiniz. Sizə bu qələbə hava-su kimi lazım idi!»

Azarkeşlərdən dəfələrlə eşitdiyim bu sözləri xatırlaya-xatırlaya düşünürdüm ki, əlbəttə, tam və qəti qələbə yaxşı şeydir. Bununla belə, son anda vurulmuş qolla oyunu udmaq şansı varsa, mən ikincisini seçərdim. Odur ki Cennini evə ötürəndə bu özündənrazı Redkliff gözəlçəsi üzərində axırıncı zərbə ilə qələbə çalmaq ümidimi itirməmişdim.

– Bura bax, Redkliff gözəlçəsi, cümə günü axşam Dartmutda hokkey oyunu olacaq.

– Nə olsun?

– O olsun ki, istəyirəm, sən də gələsən.

Cenninin cavabı Redkliff qızlarının idmana münasibətini tam dolğunluğu ilə əks etdirirdi:

– Niyə avara bir oyuna görə durub buradan Dartmuta yol ölçməliyəm?

Guya saymazyana dedim:

– Çünki mən oynayacağam.

Araya sükut çökdü. Nəfəsimi qısıb cavab gözləyirdim. Mənə elə gəlirdi ki, yerə düşən qarın da səsini eşidirəm.

– Hansı komandada? – nəhayət, Cenni dilləndi.




2




IV Oliver Barrett

İpsviç, Massaçusets ştatı.

Yaşı – 20.

İxtisası – ictimai elmlər.

Dekan siyahısı[8 - Dekan siyahısı – semestrdə, yaxud tədris ilində ən yüksək bal toplamış tələbələrin siyahısı]: 1961, 1962, 1963-cü illər.

«Sarmaşıq Liqası»[9 - «Sarmaşıq Liqası» – ABŞ-ın şimal-şərqində yüksəkkeyfiyyətli təhsil verən səkkiz universitetin yaratdığı assosiasiyaya verilmiş ad. Bu universitetlərin hamısının köhnə binalarında divarlar sarmaşıqla örtülü olub.] çempionatının qalibi: 1962, 1963-cü illər.

Gələcək peşəsi – hüquqşünas.

Sonuncu kurs tələbəsidir.

Ekseterdə Filips Akademiyasının[10 - Ekseter şəhərində (Nyu-Hempşir ştatı, ABŞ) tam orta təhsil verən qədim, nüfuzlu özəl məktəb] məzunudur.

Boyu – 5 fut 11 düym[11 - 1 ingilis futu – 0,3048 metrə, 1 ingilis düymü – 2,54 sm-ə bərabərdir; 5 fut 11 düym = 179,2 sm.].

Çəkisi – 185 funt[12 - 1 ingilis funtu – 0,454 qram təşkil edir;185 funt = 84 kq.].


Əlbəttə, Cenni artıq mənim haqqımda bu məlumatları proqramdan oxuyub. Vik Kleman, bizim menecer onun pulsuz paylanan proqramlardan birini götürdüyünü öz gözləri ilə görüb. Üç dəfə soruşmuşam.

– Sən Allah, Barrett, nədir, olmaya, ilk dəfədir görüşə qız çağırırsan?

– Yum ağzını, Vik, yoxsa dişlərini döşəmədən yığmalı olacaqsan.

Biz oyundan qabaq əzələlərimizi açmaq üçün buz üstünə çıxanda mən nəinki Cenniyə əl etmədim, heç o oturan tərəfə də baxmadım (gör necə pis oğlanam!). Bununla belə, əmin idim ki, Cenni gözaltı onu izlədiyimi düşünür. Birləşmiş Ştatların himni səslənəndə eynəyini bayrağa sonsuz məhəbbət əlaməti olaraq çıxarmamışdı ki?!.

İkinci hissənin ortalarına kimi hesab açılmasa da, artıq biz Dartmutu üstələyirdik. Devi Constonla mənim rəqib qapısının torunu deşməyimizə az qalırdı. Bunu hiss edən «Yaşıl əclaflar» kobud oynamağa başladılar. Yəqin, biz hesabı açmamış onlar bir-ikimizin qabırğasını sındırmaq istəyirdilər. Artıq qan iyi hiss edən tamaşaçılar vəcdə gəlmişdilər, bar-bar bağırırdılar. Hokkey oyununda «qan» deyəndə, həqiqətən, buz üstündə qan, yaxud, heç olmasa, qol nəzərdə tutulur. Azarkeşlərin tələbinə həmişə hörmətlə yanaşan bir oyunçu kimi mən həmişə çalışmışam ki, onların nə qan, nə qol arzularını gözlərində qoyum.

Dartmutun mərkəz hücumçusu Ol Reddinq bizim göy müdafiə xəttimizə yaxınlaşanda mən onun qarşısına çıxdım. Biz az qala əlbəyaxa olduq, mən güclü çıxıb şaybanı aldım və əks-hücuma keçdim. Azarkeşlər boğazlarını cırırdılar. Sol tərəfimdə Devi Constonu görürdüm, amma işi özüm axıra çatdırmaq istəyirdim. Rəqibin yastı-yapalaq, bir az da qorxaq qapıçısının gözünün odunu hələ o, Deerfild komandasında oynayanda almışdım. Amma məni haqlamış iki dartmutlu müdafiəçini caşdırmaq, zərbə anında şaybanı itirməmək üçün qapının arxasına keçib dövrə vurmalı oldum. Onlar fəndimi anladılar və üçümüz də qapı arxasında bir-birimizə qarışdıq. Adətən, belə vəziyyətdə mən rəqib formasında kimi görsəm, vururam. Şayba ayaqlarımızın arasında ilişib qalmışdı, bizsə oyunu yaddan çıxarıb var qüvvəmizlə bir-birimizə yumruq atırdıq.

Qəfildən hakimin fiti eşidildi.

– Sən! İki dəqiqə cərimə!

Başımı qaldıranda hakimin mənə tuşlanmış barmağını gördüm. Mən niyə? Hansı qaydanı pozdum ki?

– Bəsdir, hakim, mən axı nə elədim?

Amma hakim dialoqun davamına azacıq da olsa həvəs göstərmədi. Üzünü oyuna nəzarət edən rəsmi nümayəndələrin əyləşdiyi masaya tərəf çevirib: «Yeddi nömrəli oyunçu, iki dəqiqə», – deyə qərarını təsdiqlədi.

Mən etiraz etdim, hərçənd bu heç nəyi dəyişmirdi. Azarkeşlər istəyirlər ki, sevdikləri oyunçular ən kobud qayda pozuntusuna yol verdikləri hallarda belə cəza qərarına öz etirazlarını bildirsinlər, mən də onlar xoşladıqları kimi etdim. Hakim əlini yellədi və mən birtəhər hirsimi boğub könülsüz-könülsüz cərimə skamyasına tərəf getdim. Qapını açmadan bortun üstündən aşdım. Konkilərimin ülgücləri taxta döşəməni xırçıldatdı, ardınca diktorun əsəblərimi bir az da cırmaqlayan səsi eşidildi:

– Cərimə. Harvad komandasından Barrett. İki dəqiqə.

Tribunalar hakimi fitə basdı. Harvard tələbələrindən bəziləri onun görmə qabiliyyəti, şərəf və ləyaqəti ilə bağlı dərin şübhələrini qışqırıqla ifadə etdilər. Mənsə oturub nəfəsimi dərməyə, nə yuxarıya, nə aşağıya – bu dəqiqələrdə dartmutluların sayca bizdən üstün olduqları buz meydançasına baxmamağa çalışırdım.

– Dostların orda, meydançada çarpışırlar, bəs sən niyə burda oturmusan?

Cenninin səsi idi.

Ona cavab verməkdənsə, komanda yoldaşlarımı ruhlandırmağa üstünlük verdim.

– İrəli, Harvard, şaybanı onlara verməyin!

– Sən nə pis iş gördün?

Bu dəfə Cenniyə tərəf döndüm – əvvəl-axır onu bura özüm dəvət etmişdim.

– Barıtını artıq elədim.

Təzədən üzümü buz meydançasına çevirdim. Orada yoldaşlarım Ol Reddinqin hesabı açmaq cəhdlərinə sinə gərməyə çalışırdılar.

– Bu nədir, böyük günah sayılır?

– Cenni, xahiş edirəm, mən diqqətimi cəmləmək istəyirəm.

– Diqqətini nəyin üzərində cəmləmək istəyirsən?

– Bu yaramaz Ol Reddinqin ağzını necə cıracağımı düşünürəm.

Mən gözümü meydançadan çəkmir, heç olmasa, yoldaşlarıma mənəvi dəstək verməyə çalışırdım.

– Sən «çirkli» oyunçusan?

«Yaşıl əclaflar» qapıçımızın üstünə tökülüşmüşdülər, oyunu gözdən qoymur, buzun üstünə çıxmağıma qalan saniyələri sayırdım. Cenni isə inadından əl çəkmirdi:

– Nə vaxtsa mənim də ağzımı cıra bilərsən?

Geri baxmadan hirslə cavab verdim:

– Səsini kəsməsən, elə bu dəqiqə bilərsən.

– Mən gedirəm. Sağ ol.

Mən geri dönəndə o artıq yoxa çıxmışdı. Dalınca baxmaq üçün yenicə ayağa qalxmışdım ki, cərimə vaxtının bitdiyi barədə elan verildi və mən bortun üstündən aşıb meydançaya atıldım.

Kütlə qayıdışımı alqışlayırdı. Barrett yenə komandadadırsa, deməli, hər şey yaxşı olacaq! Cenni harada gizlənirsə-gizlənsin, mənim buza çıxmağımın tribunalarda yaratdığı canlanmanı görməyə bilməzdi.

Yeri gəlmişkən, görəsən, o hara yox oldu?

Ol Reddinq çox güclü bir zərbə vurdu, amma qapıçımız şaybanı qaytardı. Şayba Gin Kennaveyin əlinə keçdi. Gin onu mənə tərəf göndərdi. Mən şaybanın dalınca qaça-qaça bir anlığa gözlərimi qaldırıb Cennini görmək üçün tribunalara baxdım. Gördüm! O, burada idi!

Növbəti saniyədə arxası üstə yıxıldım. İki «Yaşıl əclaf» bircə anlığa diqqətimin yayınmasından istifadə etmiş, dərhal üstümə atılmışdı. Aman Tanrım, nə böyük rüsvayçılıq! Barretti yerə sərmişdilər! Dalım yerdə sürüşməyimi görən azarkeşlərimizin içindən inilti qopdu. Qanıma susamış Dartmut azarkeşləri isə məni fitə basır, ələ salıb hoydu-hoyduya qoyurdular:

– Birini də yapışdırın! Birini də yapışdırın!

Görəsən, Cenni indi nə fikirləşir?

Şayba dartmutlularda idi, onlar yenə qapımızın ağzına yığışmışdılar. Qapıçımız bu dəfə də rəqibin zərbəsini dəf etdi. Şayba Kennaveyə keçdi. Kennavey onu Constona, Conston isə mənə ötürdü (mən artıq ayağa qalxmışdım). Azarkeşlərimiz dəli kimi bağırırdılar, qol tələb edirdilər. Mən şaybanı alan kimi dartmutluların göy müdafiə xəttini keçdim. Qarşımda yalnız iki müdafiəçi qalmışdı.

– İrəli, Oliver, irəli! Onların başlarını bədənlərindən ayır!

Bu hay-küyün içərisində mən Cenninin qulaqbatırıcı çığırtısını eşitdim. Onun səsində qəribə, hətta deyərdim ki, incə bir qəzəb duyulurdu. Mən müdafiəçilərdən birini aldatdım, ikincisinə isə elə zərblə çırpıldım ki, «Yaşıl əclaf»ın nəfəsi kəsildi və o, buzun üstünə çökdü. Sonra isə zərbə vurmaq əvəzinə şaybanı sağdan özünü yetirmiş Devi Constona ötürdüm. Devi onu birbaşa tora göndərdi. Harvard hesabı açdı.

Biz bir-birimizin üstünə atıldıq, qucaqlaşıb öpüşməyə başladıq. Mən, Devid və digər komanda yoldaşlarımız. Qucaqlaşır, öpüşür, bir-birimizin kürəyini döyəcləyir, atılıb-düşürdük (təsəvvür edin, ayağımızda konki!). Tribunalar dağılırdı. Bayaq mən çırpıldığım dartmutlu hokkeyçi isə hələ də yerindən qalxa bilmirdi. Azarkeşlər proqramları başımıza yağdırırdılar. Biz, həqiqətən, dartmutluların boyunlarını qırmışdıq. (Əlbəttə, bu, metaforadır: yerdə qalmış oyunçu, axır ki, nəfəsini dərib özünə gəldi və yavaş-yavaş dikəldi.) Biz rəqibi darmadağın etdik: 7–0.


***

Əgər mən Harvardın şəklini otağımın divarından asacaq dərəcədə sentimental bir gənc olsaydım, bu, heç şübhəsiz, nə «Uinstrop Haus» yataqxanasının, nə Mem kilsəsinin deyil, «Dillon Fild Haus»un şəkli olardı. «Dillon» stadionunun. Mənə Harvardda, necə deyərlər, «ruh evi» seçmək imkanı versəydilər də, məhz bu evi seçərdim. Qoy Nat Pusey[13 - Natan Pusey (1907–2001) – Amerika maarifçisi, Harvard universitetinin 24-cü (1953–1971) prezidenti] buna görə lap mənim diplomumu ləğv etsin, yenə deyəcəyəm ki, «Dillon» mənim üçün «Uaydener» kitabxanasından qat-qat əzizdir. Kollec həyatımda hər axşam mən ora gedərdim, bir-iki yağlı söyüş işlədib dostlarımla salamlaşardım, «sivilizasiya donu»nu əynimdən çıxardıb kobud idmançıya çevrilərdim. Hər axşam altdan «zireh»lərini taxmaq, üstdən «7» nömrəli köhnə köynəyini əyninə keçirmək (çox istəyirdim ki, məndən sonra bu köynəyi daha heç kimə verməsinlər, heyif, olmadı), konkilərini çiyninə atmaq və «Dillon»un binasından çıxıb komanda yoldaşlarınla zarafatlaşa-zarafatlaşa «Uatson» buz meydançasına yönəlmək necə də həyəcanlı, necə də gözəl idi.

Bundan da gözəli oyundan sonra «Dillon»a qayıtmaq idi. Tərli formanı yerə atırsan, anadangəlmə lüt, yorğun-arğın dəsmal götürüb yuyunmağa gedirsən.

– Bu gün necə oldu, Olli?

– Əla, Riçi. Əla, Cimmi.

Sonra isə şırıldayan suyun altında durub ötən şənbə gecə kimin kiminlə yatdığı və nə oyunlardan çıxdığı haqda çərənləmələrə qulaq asırsan. «Maunt-İda kollecindən olan o totuq-motuq qızlarla yaxşıca kef etdik, bilirsən…» Mənim komanda yoldaşlarımdan bir üstünlüyüm var idi. Bu səs-küydən aralı öz düşüncələrimə dalmaq imkanım olurdu. Məsələ burasındadır ki, Tanrı məni yaradanda axmaq bir diz əta eləyib. (Niyə «əta eləyib» dediyimi başa düşmək üçün orduya çağırış vərəqəmdəki qeydə baxmaq kifayətdir.) Buna görə də hər oyundan sonra hidromasaj vannasında dizimi yumşaltmalıydım. Beləliklə, suyun dizimin ətrafında cızdığı dövrələrə baxa-baxa bədənimdəki qançırları və əzikləri saya (onlarla həmişə fəxr etmişəm!), eyni zamanda heç nə və hər şey haqqında düşünə bilirdim.

Həmin axşam mən iki gözəl qol haqqında (birini özüm vurmuşdum, o birini isə ötürməmlə vurmuşdular) və dalbadal üçüncü dəfə «Sarmaşıq Liqası»nın qalibi olmaq şansımız barədə düşüncələrə dalmışdım. Dartmut üzərində qələbə nəticəsində çempionluq artıq ovcumuzda idi.

– Vanna qəbul edirsən, Olli?

Gələn məşqçimiz Ceki Felt idi. O həm də özünü bizim mənəvi atamız təyin etmişdi, qayğımıza qalırdı.

– Yox, maşın sürürəm. Səncə, mənim burada gördüyüm iş nəyə oxşayır, Felt?

Məşqçi güldü, sifəti axmaq ifadə aldı:

– Bilirsən, sənin dizinlə bağlı probleminin səbəbi nədir, Olli? Deyim?

Mənim dizimi göstərmədiyim həkim qalmayıb, amma, Felt, əlbəttə, özünü onlardan bilikli hesab edir.

– Sən düzgün qidalanmırsan.

Söhbəti davam etdirməyə həvəs göstərmədim.

– Sən duzlu şey az yeyirsən.

Görəsən, ona inandığımı desəm, əl çəkər?

– Oldu, Cek, bundan sonra duzlu şey çox yeyərəm.

Aman Tanrım! Alındı! Cek borcunu axıradək yerinə yetirmiş adam kimi özündənrazı halda, sifətində həmin axmaq ifadə çıxıb getdi. Əsas odur ki, mən tək qaldım. Boğazacan isti suya batdım, ağrılı əzalarımın şirin sızıltısından ləzzət ala-ala gözlərimi yumdum. Oxay-y-y-y-y-y…

İlahi, Cenni! Cenni bayırda məni gözləyir. Yəni ümid edirəm, hələ gözləyir. Görəsən, nə qədər vaxtdır ki, mən burada isti suyun içində nazlanıram, Cenni isə Kembricin soyuğunda titrəyə-titrəyə qalıb?

Mən sürətlə geyinməkdə bütün dünya rekordlarını qırdım. «Dillon»un mərkəzi qapısından güllə kimi çıxanda hələ kifayət qədər qurumamışdım.

Soyuq hava sifətimi yandırdı. Əsl şaxta idi. Ətraf qaranlığa bürünmüşdü. Bir neçə ən sadiq azarkeş qapının ağzını kəsdirib gözləyirdi. Bunlar, əsasən, hokkeyə dəlicəsinə vurğunluqlarını heç cür ürəklərindən çıxara bilməyən köhnə universitet məzunlarımız idi. Qoca Cordan Cenks kimi, istər öz meydançamızda olsun, istər səfərdə, bir oyun belə buraxmırdılar. Böyük bir bankın rəhbəri ola-ola Cenks buna necə vaxt tapırdı, hələ də başa düşə bilmirəm. Ən başlıcası isə bu onun nəyinə gərək idi?

– Səni bu gün yaman sıxışdırdılar, Oliver.

– Elədir, cənab Cenks. Özünüz bilirsiniz, bunlar necə oynayırlar.

Boylana-boylana Cennini axtarırdım. Bəlkə, gedib? Görəsən, belə soyuqda və qaranlıqda Redkliffə qədər uzun yolu tək necə keçib?

Azarkeşlərdən üç-dörd addım aralanıb gözlərimi qaranlığa zillədim.

– Cenni?

Qəflətən kollardan birinin dalından üzünü şərflə sarımış, yalnız gözləri görünən qız çıxdı.

– Ey, Preppi, burda cəhənnəm soyuğu var.

Onu görməyə necə də şad idim!

– Cenni!

Elə sevinmişdim ki, özümü saxlaya bilməyib yavaşca onun alnından öpdüm.

– Mən sənə icazə verdim?

– Nəyə?

– Məni öpməyə icazə verdim?

– Bağışla. Sevincdən ağlım başımdan çıxdı.

– Mənimsə ağlım üstümdədir.

Azarkeşlər dağılmışdı, biz tək qalmışdıq. Ətraf zülmət, hava çox soyuq idi. Mən onu yenə öpdüm. Amma bu dəfə alnını nişan almadım və öpüş yüngül olmadı. Ah, o uzun və gözəl saniyələr! Nəhayət, mən aralandım, Cenni isə paltomun qolunu buraxmadı.

– Bu heç xoşuma gəlmir.

– Nəyi deyirsən, Cenni?

– Səninlə öpüşməyin xoşuma gəlməyini.

Geriyə piyada qayıtdıq (mənim maşınım vardı, amma Cenni gəzmək istədiyini dedi). Bütün yolu o, paltomun qolundan yapışmışdı. Mənim yox, paltomun qolundan. Niyə, özüm də bilmirəm. Biz «Briqqs Holl»un kandarında sağollaşanda onu qəsdən öpmədim.

– Qulaq as, Cenni, ola bilsin, bir neçə ay sənə zəng etmədim.

O, bir müddət dinmədi. Nəhayət, soruşdu:

– Niyə ki?

– Ola da bilsin, otağıma çatan kimi birinci sənə zəng etdim.

Bunu deyən kimi dönüb uzaqlaşdım.

– Əclaf! – arxadan Cenninin səsini eşitdim.

Ayaq saxladım və sonuncu «zərbə»ni vurdum:

– Görürsən, Cenni, başqalarını ələ salmağı xoşlayırsan, özün isə eyni şeyə dözmürsən.

Bu dəqiqə Cenninin sifətinin ifadəsini görməkdən ötrü ürəyim gedirdi, amma geri dönmək olmazdı, tətbiq etdiyim strategiya buna qadağa qoyurdu.


***

Evə qayıdanda otaq yoldaşım Rey Strattonu iki nəfər futbolçu dostu ilə poker oynayan gördüm.

– Hello, begemotlar.

Onlar müvafiq surətdə xortuldayaraq salamımı aldılar.

– Bu gecə işlərin necədir, Olli? – Rey maraqlandı.

– Bir ötürmə, bir qol, – Dartmutla oyunumuzu nəzərdə tutub cavab verdim.

– Kimin qapısına, Kavillerinin?

– Sənə qalmayıb, – acıqlandım.

– O kimdir, – deyə begemotlardan biri soruşdu.

– Cenni Kavilleri, – Rey izahat verdi, – əyiş-üyüş bir musiqiçi qız var.

– Mən beləsini tanıyıram, – ikinci vəhşi də söhbətə qoşuldu. – O ki ölüvayın biridir.

Bu kobud və səfeh əbləhlərə baş qoşmadan telefonu götürüb yataq otağıma keçdim.

– Özü də «Bax cəmiyyəti»ndə piano çalır, – Stratton dilini dinc qoymurdu.

– Bəs Barrettin cəmiyyətində o nə çalır?

– Belə tezliklə çalmaz, hələ, yəqin, notları öyrənir, bir az da naz-qoz edir.

Qonşu otağı xortultu, ulaşma, kişnəmə səsləri doldurdu. Heyvanxanada bayram idi, vəhşilər gülüşürdülər.

– Centlmenlər, – şənliyi qapalı elan etdim, – yumun ağzınızı.

Qeyri-insani səsləri eşitməmək üçün qapını bağladım, ayaqqabılarımı soyunub arxası üstə çarpayıya uzandım və Cenninin nömrəsini yığdım.

Biz pıçıltı ilə danışırdıq.

– Ey, Cen…

– Nədi?

– Cen, əgər desəm ki…

Tərəddüd edirdim. O isə gözləyirdi.

– …əgər desəm ki, məncə,.. sənə vurulmuşam, nə cavab verərdin?

Pauza çox uzun çəkdi.

– Cavab verərdim ki,.. – Cenninin səsi lap yumşalmışdı, – deyərdim ki, tamam gicləmisən.

O, dəstəyi atdı.

Düzünü deyim: nə dilxor oldum, nə də təəccübləndim.




3


Kornell[14 - Kornell universiteti (ing. Cornell University) – «Sarmaşıq Liqası»na daxil olan universitetlərdən biri. 1865-ci ildə yaradılmış bu universitet Nyu-York ştatının İtaka şəhərində yerləşir.] komandası ilə oyunda zədə aldım.

Əslində, günah özümdə idi. Qızışıb böyük səhvə yol verdim, onların mərkəz hücumçusunu «lənətə gəlmiş kanuk»[15 - Kanuk – kanadalıların Amerikada ləqəbi] adlandırdım. Unutdum ki, Kornell komandasının dörd oyunçusu kanadalıdır, hamısı da vətənpərvər olmaqla yanaşı, yekəpər şeylərdir və qulaqları çox iti eşidir. Məni yaxşıca əzişdirməkləri bir yana, hələ cəzalandırıldım da! Özü də adi qaydada yox – dava saldığım üçün beş dəqiqəliyə meydançadan çıxarıldım. Görəydiniz, hakimin qərarı radio ilə elan olunanda Kornell azarkeşləri necə toy-bayram edirdilər. Tribunalarda bizim azarkeşlər çox deyildilər. «Sarmaşıq Liqası»nın çempionu titulunu kimin qazanacağı bu oyunun nəticəsindən asılı idi. Amma durub Harvarddan cəhənnəmin bu başına, Nyu-York ştatının İtaka şəhərinə gəlmək adamdan vaxt, pul və həvəs istəyirdi.

Beş dəqiqə! Mən cərimə skamyasına əyləşəndə məşqçimiz çarəsizlikdən saçlarını yolurdu. Ceki Felt bir göz qırpımında özünü yetirib üstümə atıldı. Yalnız indi başa düşdüm ki, üzümün sağ tərəfində salamat yer qalmayıb.

– Aman Allah, – deyə məşqçim qanı saxlamaq üçün sifətimdəki çapıqlara xüsusi qələmlə məlhəm sürtə-sürtə zarıyırdı. – Aman, Olli!

Mən sakitcə oturub gözlərimi döşəməyə zilləmişdim. Başımı qaldırıb buz meydançasına baxmağa utanırdım. Orada isə ən pis gümanlarım özünü doğruldurdu. Çox keçmədən kornellilər hesabı bərabərləşdirdilər. «Qırmızılar»ın azarkeşləri sevincdən bağırır, boğazlarını cırırdılar. Böyük ehtimalla demək olardı ki, ruhlanmış kornellilər işi axıra çatdıracaq, bu oyunu udacaqlar, «Sarmaşıq Liqası»nın çempionu titulunu əlimizdən alacaqlar. Görüm onları lənətə gəlsinlər, mənim cərimə vaxtımın hələ heç yarısı da keçməmişdi!

Qarşı tribunada sükut içində bir topa qəmgin Harvard azarkeşi əyləşmişdi. Rəqib komandanın azarkeşləri kimi onlar da artıq məni yaddan çıxarmışdılar. Yalnız bir tamaşaçı gözlərini cərimə skamyasından çəkmirdi. Bəli, o, burada idi.

«Konfrans vaxtında qurtarsa, çalışacağam Kornellə oyuna gəlim».

Harvard fanatlarının arasında oturan, amma dəstənin içində də hamıdan seçilən, əlbəttə, III Oliver Barret idi.

Qoca Daşsifət buz meydançasının qarşı tərəfində yeganə oğlunun yanağından sonuncu qan damcılarının necə silindiyini və çapıqların yapışqanlı kağız altında gizlədildiyini soyuqqanlıqla izləyirdi. Maraqlıdır, bu dəqiqə o nə düşünürdü? Yəqin, «çırt-çırt» eləyib başını bulayırdı, ya da beynindən «çırt-çırt»la eyni məna kəsb edən fikirlər keçirdi…

«Oliver, dalaşmağı belə xoşlayırsansa, niyə gedib boksa yazılmırdın?»

«Ekseterdə Filips Akademiyasında boks komandası yox idi, ata».

«Yaxşı. Amma mən, yəqin ki, daha sənin hokkey oyununa baxmağa gəlməyəcəyəm».

«Elə bilirsən, mən özümü sənə göstərmək üçün dalaşıram, ata?»

«Deməzdim ki, bununla özünü yaxşı cəhətdən göstərirsən».

Amma, bəlkə də, xəyalımda canlandırdığım bu dialoq düz deyildi. Heç kim, heç vaxt onun beynindəki fikirləri düzgün oxuduğunu söyləyə bilməz. III Oliver Barrett ayaq tutub yeriyən, nadir hallardasa hətta danışan Raşmor dağıdır[16 - Raşmor (ing. Mount Rushmore) – ABŞ-ın Cənubi Dakota ştatında, Blek-Hils massivində məşhur dağ. Bu dağda qranit süxur üzərində dörd ABŞ prezidentinin – Corc Vaşinqtonun, Tomas Ceffersonun, Teodor Ruzveltin və Avraam Linkolnun barelyefləri yonulub.]. Əsl Daşsifətdir.

Bəlkə də, bu anda Daşsifət ən çox gördüyü işlə məşğul idi – özü özünü kənardan vurğunluqla seyr edirdi: «Hamınız mənə baxın! Bu axşam İtakaya Harvarddan cəmi beş-on tamaşaçı gələ bilib, mən də onların arasındayam. Mən – III Oliver Barrett, bir neçə bankın sahibi və ümumiyyətlə, işi başından aşan nəhəng biznes adamı! Vaxt eləyib sizin axmaq hokkey oyununuza baxmağa gəlmişəm. Hə, necədir?» (Kimin üçün?)

Birdən-birə tribunalar sanki partladı. Əsl mərəkə qopdu: Kornell komandası növbəti qolunu vurmuş və hesabda önə çıxmışdı. Mənimsə hələ iki dəqiqə cərimə vaxtım qalırdı. Devi Conston lap yaxınlığımdan keçdi; hirsindən sifəti qıpqırmızı qızarmışdı, heç üzümə də baxmadı. Deyəsən, axı onun gözlərində yaş gördüm? Olmaya, ağlayırdı? «Sarmaşıq Liqası»nın çempionu titulu əlimizdən çıxır, ancaq, İlahi, göz yaşları?! Buna görə ağlamaq nəyə lazım? Hərçənd onu başa düşürdüm: Devi, bizim kapitanımız bu günə qədər hokkeydə inanılmaz dərəcədə şərəfli bir yol keçmişdi. Yeddi ildir oynayırdı, heç vaxt da – istər məktəbdə, istər kollecdə – uduzan tərəf olmamışdı. Devi universitetdə, bir növ, canlı əfsanəyə çevrilmişdi. O artıq sonuncu kurs tələbəsi idi. Bu oyun isə onun üçün axırıncı mühüm oyun idi.

Və biz həmin oyunu 3–6 hesabı ilə uduzduq.


***

Oyundan sonra rentgen müəyyən etdi ki, sınan sümüyüm yoxdur. Kornellin Riçard Selzer adlı həkimi yanağıma on iki tikiş qoydu. Ceki Felt əməliyyat otağında ora-bura vurnuxur, mənim düzgün qidalanmadığımdan həkimə şikayət edir, dönə-dönə təkrarlayırdı ki, vaxtında kifayət qədər dəniz duzu həbi qəbul etsəydim, indi zədələrim belə ağır olmazdı. Selzer isə Cekin sicilləməsini qulaqardına vurur, «göz orbitimin aşağı divarının» (tibbi termindir) möcüzə nəticəsində salamat qaldığını mənə başa salmağa çalışır və qəti tapşırırdı ki, bir həftə məşqlərə getməyim, çünki mənim vəziyyətimdə bu ən müdrik addım olardı. Mən ona təşəkkürümü bildirdim. Həkim otağı tərk etdi, Felt isə düzgün qidalanmağın faydası barədə yeni mülahizələrini bölüşmək məqsədilə onun ardınca çıxdı. Tək qaldığıma sevindim.

Yaralı yanağıma su vurmadan ehtiyatla duş qəbul etdim. Novokainin təsiri yavaş-yavaş keçirdi, amma mən ağrı hiss etməyə başladığıma sevinirdim. «Əcəb olur sənə, Oliver! Məgər bütün işləri sən korlamadın? Çempionluq titulunu komanda sənə görə itirmədi? Bir çox oyunçularımızın (bizim sonuncu kurs tələbələri məğlubedilməz sayılırdılar), o cümlədən Devi Constonun ad-sanına sənə görə xələl gəlmədi?» Ola bilsin, bütün bu uğursuzluqların günahkarı təkcə mən deyildim, amma o zaman məhz belə düşünürdüm.

Soyunub-geyinmə otağında heç kim yox idi. Yəqin, hamı artıq motelə getmişdi. Çətin ki, indi uşaqlardan kimsə məni görmək, kəlmə kəsmək istəyərdi. Dilimdə acılıq hiss etdim – həqiqətən, bu ağır düşüncələrdən ağzım acı daddı. Geyinib, pal-paltarımı yığıb küçəyə çıxdım. Bir neçə Harvard azarkeşi Nyu-Yorkun qış küləyinin soyuğunda büzüşüb durmuşdu.

– Yanağın necədir, Barrett?

– Təşəkkür edirəm, cənab Cenks, pis deyiləm.

– İndi, yəqin, yaxşı bir steyk tikəsi dada yetərdi.

Səs mənə çox tanış gəldi. Əlbəttə, III Oliver Barrett! Gözü vurulub şişirdilən oğluna başqa hansı ata belə «sınanılmış» müalicə üsulu təklif edə bilərdi ki?!

– Çox sağ ol, ata, həkim artıq mümkün olan yardımı göstərib, – deyə üzümün sağ tərəfində tikişlərin üstünü örtən sarğını göstərdim.

– Mən sənin yanağına yox, mədənə çarə təklif edirəm.


***

Bu bizim ara-sıra təkrarlanan və əsasən dərin sükut içərisində keçən növbəti şam yeməklərimizdən biri idi. Bir qayda olaraq, onlar «Hə, işlərin necədir?» sualı ilə başlayıb «Sənin üçün nə edə bilərəm?» cümləsi ilə başa çatırdı.

– Hə, işlərin necədir, oğul?

– Çox sağ ol, ser, əladır.

– Yanağın ağrımır?

– Yox, ser.

Əslində isə keyləşdiricinin təsiri, demək olar, keçmişdi, cəhənnəm ağrısı hiss edirdim.

– İstərdim ki, bazar ertəsi Cek Uellsin yanına gedəsən, qoy o da baxsın.

– Ehtiyac yoxdur, ata.

– O, yaxşı həkimdir, gözəl mütəxəssisdir.

– Kornellin həkimi də, başa düşdüyüm qədər, veterinar deyil.

Atamın snobizmini – «mütəxəssislər»dən, «ekspertlər»dən, ümumiyyətlə, «yüksək cəmiyyətin nümayəndələri»ndən savayı heç kimin rəyi ilə hesablaşmadığını bildiyim üçün belə cavab verdim və eyni zamanda söhbəti yumşaltmaq istədim.

– Çox pis, – deyə III Oliver Barrett zarafat etməyə cəhd göstərdi, – sənin yaraların əsl heyvan yaralarına oxşayır.

– Elədir, ser. – Maraqlıdır, bu uğursuz zarafatı ilə o məni gülməyə məcbur etmək istəyirdi?

Birdən ağlıma gəldi ki, bəlkə, atamın sözlərində mənim buz üzərində davranışımla əlaqədar üstüörtülü məzəmmət var?

– Yoxsa demək istəyirsən, mən bu axşam özümü heyvan kimi aparırdım?

Sifətinin ifadəsindən aydın sezilirdi ki, atam eşitdiyindən razı qalıb. Ancaq o, dərinə getmədi:

– Veterinar haqda birinci mən söz salmadım.

Bu yerdə mən də dilimi saxlayıb menyunu vərəqləməyə başladım.

Yemək gələnə qədər Qoca Daşsifət mənə öz bəsit moizələrindən birini də oxumaq qərarına gəldi. Xatirimdədir ki (hərçənd yada salmaq belə istəmirəm), bu dəfə o, həyatda qələbələrin və məğlubiyyətlərin rolundan danışdı. Dedi ki, düzdür, biz çempionluq titulunu əldən verdik («heç hənanın yeri idi», ata?), amma idmanda mühüm olan qələbə deyil, iştirakdır. Onun bu mülahizəsi Olimpiya oyunlarının devizinə çox oxşadı və mən hiss etdim ki, atam «Sarmaşıq Liqası»nın çempionu» kimi xırda titulların əhəmiyyətsizliyi barədə növbəti mövzuya keçmək üçün zəmin hazırlayır. Amma mən Olimpiya şüarlarından yeni sitatlar dinləmək həvəsində deyildim, ona görə də əvvəlcədən hazır saxladığım cavabımı («Elədir, ser») verib susdum.

Biz sürətlə ənənəvi mövzularımızı təkrarlayıb başa vurduq və Qoca Daşsifətin sevimli mövzusu – mənim planlarım üzərində dayandıq.

– De görüm, Oliver, Hüquq məktəbindən[17 - Harvard Hüquq məktəbi (ing.: Harvard Law School) – Harvardın təhsil müəssisələri kompleksinə daxil olan kollec, hüquq sahəsində dünyanın ən nüfuzlu təhsil mərkəzlərindən biri] hələ bir səs-səmir çıxmayıb?

– Bilirsən, ata, mən hələ orada oxumaq istəyib-istəmədiyim barədə qərara gəlməmişəm.

– Məni daha çox maraqlandıran odur ki, Hüquq məktəbində sənin barəndə bir qərara gəliblər, ya yox.

Bu nədir, növbəti zarafatdır? Atamın bu «uğurlu» söz oyununa da gülməliyəm?

– Yox, ser, hələ cavab almamışam.

– Mən Prays Zimmermana zəng edə bilərəm.

– Lazım deyil, – deyə dərhal onun təklifinə cavab verdim. – Xahiş edirəm, ser.

– Təsir göstərmək üçün yox, – III Oliver Barrettin sifətinə məsum bir ifadə qondu. – Sadəcə, soruşmaq üçün.

– Ata, mən bütün başqa tələbələr kimi onlarla eyni qaydada cavab məktubu almaq istəyirəm.

– Yaxşı. Əlbəttə. Çox gözəl.

– Təşəkkür edirəm, ser.

– Onsuz da səni qəbul edəcəklərinə elə bir şübhəm yoxdur, – deyə o əlavə etdi.

Bilmirəm nədən, amma III Oliver Barrett məni tərifləyəndə də sanki aşağılayırdı.

– Bilmək olmaz. Onların hokkey komandaları yoxdur.

Yaxşı, mən özüm özümü niyə belə aşağılayırdım? Bəlkə, ona görə ki atam mənim haqqımda əks fikirdə idi, sadəcə, onun əleyhinə getmək istəyirdim.

– Sənin başqa üstünlüklərin də var, – deyə III Oliver Barrett mənə təsəlli verdi. Amma fikrini dəqiqləşdirmədi (çətin ki, bunu edə də bilərdi).

Yeməklər söhbətimiz kimi dadsız və duzsuz idi. Amma masaya gətirilən çörəyin köhnə olacağını əvvəlcədən söyləyə bilsəm də, atamın növbəti anda dedikləri ağlıma belə gəlməzdi.

– Bir də ki istənilən halda Sülh Korpusu[18 - Sülh Korpusu (ing. Peace Corps) – Amerikada 1961-ci ildə yaradılmış humanitar təşkilat. Bu təşkilat ağır ehtiyac içində olan ölkələrə yardım göstərmək üçün könüllülər göndərir.] var. – Gözlənilmədən atam mətləbə dəxli olmayan bir söz işlətdi.

Başa düşmədim, o, rəy bildirirdi, yoxsa sual verirdi?

– Ser?

– Yəni düşünürəm ki, Sülh Korpusu gözəl təşkilatdır, elə deyilmi?

– Əlbəttə, – deyə təsdiqlədim. – Heç şübhəsiz, müharibə korpusundan minqat yaxşıdır.

İndi ikimiz də eyni vəziyyətdə idik. Nə mən onun bu söhbəti niyə ortaya atdığından baş açırdım, nə də o mənim fikrimi öyrənə bilirdi. Bəlkə, atam bunu elə-belə, dialoqumuzu davam etdirmək xatirinə demişdi? Bəlkə, dünyada baş verənlərdən, hökumət proqramlarından danışmaq üçün növbəti mövzuya keçid edirdi? Yox. Mən bir anlığa unutdum ki, bizim söhbətimizin yeganə mühüm mövzusu mənim planlarımdır.

– Əgər sən Sülh Korpusuna qoşulmaq qərarına gəlsən, mən buna etiraz etmərəm, Oliver.

– Qarşılıqlı hisdir, ser, – deyə özümü ondan da ürəyigeniş göstərməyə çalışdım. Bilirəm ki, Qoca Daşsifət heç vaxt mənə qulaq asmır, ona görə də sonuncu replikamdakı sarkazmı hiss etmədiyinə təəccüblənmədim.

– Bəs sənin kurs yoldaşların? – atam davam etdi. – Onların buna münasibəti necədir?

– Nəyə, ser?

– Sülh Korpusunun onların həyatında mühüm rol oynadığını hiss edirlərmi?

Balıq susuz yaşaya bilmədiyi kimi, atam da «Bəli, ser» ifadəsini tez-tez eşitməsə, ürəyi dayanar.

– Bəli, ser.

Hətta ofisiantın axırda gətirdiyi alma piroqu da daş kimi bərk idi.


***

Təxminən saat on ikinin yarısında onu maşınına qədər ötürdüm.

– Sənin üçün nə edə bilərəm, oğul?

– Heç nə, ser. Gecən xeyrə qalsın, ser.

Və o sürüb getdi.

Əlbəttə, Nyu-York ştatının İtaka şəhərindən Bostona təyyarələr uçurdu. Amma III Oliver Barrett avtomobilə üstünlük vermişdi. Bu uzun yolu maşınla gəlməkdə məqsədi oğluna olan məhəbbətinin böyüklüyünü nümayiş etdirmək deyildi, yox, sadəcə, mənim atam sürətlə avtomobil sürməyi xoşlayırdı. Gecənin bu vaxtında isə ikiyerlik «Aston Martin DBS»də[19 - «Aston Martin DBS» – 1967–1972-ci illərdə İngiltərədə istehsal olunan bahalı idman avtomobili] rahat və boş şosedə ən yüksək sürət yığmaq mümkün idi. Heç şübhəsiz, III Olivet Barrett ötən il biz Kornell komandasını darmadağın edib «Sarmaşıq Liqası»nın çempionu olandan sonra İtaka–Boston yolunda qoyduğu şəxsi rekordunu təzələməyə hazırlaşırdı. Çünki o, maşına oturanda saata baxdığını gördüm.

Motelə qayıdıb Cenniyə zəng etdim.

Bu zəng həmin axşamdan mənə qalan yeganə xoş təəssürat oldu. Oyun vaxtı dava haqqında hər şeyi detallarına qədər Cenniyə danışdım (təkcə bu davanın casus belli[20 - Casus belli (lat. hərfi mənada: «müharibə hadisəsi», «hərbi toqquşma») – Roma hüququnda: müharibə elan etmək üçün formal səbəb, bəhanə]-sini dəqiq demədim). Deyəsən, əhvalat xoşuna gəldi. Onun sısqa musiqiçi dostları arasında, çətin ki, kimsə yumruq atmağı, yaxud zərbəyə davam gətirməyi bacarardı.

– Ümid edirəm, səni vuran o gədəni yaxşıca əzişdirə bilmisən.

– Hə, kefin istəyən kimi. Xurd-xəşil eləmişəm.

– Heyif, görməmişəm. Yellə[21 - Yel (ing. Yale University) – «Sarmaşıq Liqası»na daxil olan nüfuzlu özəl universitet. Harvard və Prinston universitetləri ilə birlikdə «Böyük üçlük» təşkil edir.] oyunda birini tapıb mənim üçün bu tamaşanı təkrar edərsən?

– Əlbəttə.

Mən güldüm. O, həyatı bütün adilikləri və qəribəlikləri ilə birgə sevirdi.




4


– Cenni aşağıda telefonla danışır.

Bazar ertəsi axşam Redkliffin yataqxanasına getdim. Mən «Briqqs Holl»a girən kimi, hələ ağzımı açmağa macal tapmamış kommutatorda oturan qız Cenninin yerini söylədi. Yəqin, bu qız «Crimson» oxuyurdu və mənim kim olduğumu özüm demədən də bilirdi. Belə hallarla çox rastlaşmışam. Amma ən başlıcası o idi ki, Cenni mənimlə görüşdüyünü gizlətmirdi.

– Təşəkkür edirəm, burada gözləyərəm, – deyə cavab verdim.

– Kornellə oyunda çox pis hadisə baş verib. «Crimson» yazmışdı ki, orada dörd oyunçu birdən sizə hücum çəkib.

– Hə. Və buna görə mənim özümü cəzalandırdılar. Beş dəqiqə!

– Elədir.

Dostla azarkeş arasında başlıca fərq ondan ibarətdir ki, sonuncu ilə söhbət çox qısa olur.

– Cenni danışıb qurtarmayıb?

Qız kommutatorun lampalarına baxdı:

– Hələ yox.

Maraqlıdır, yataqxanaya gələcəyimi bilə-bilə mənimlə qiymətli görüş vaxtını Cenni kimə sərf edir?

Bəlkə, ayaq üstə güclə duran hansısa musiqiçi oğlana? Bilirdim ki, Martin Devidson adlı birisi – «Adams Haus»un[22 - «Adams Haus» (ing. Adams House) – Harvardın təhsil müəssisələri kompleksinə daxil olan kolleclərdən biri] sonuncu kurs tələbəsi və «Bax cəmiyyəti»ndə orkestrin dirijoru Cenninin diqqətini cəlb etmək üçün hər şeyə hazırdır. Fiziki mənada yox: inanmıram ki, bu ölüvayın dirijor çubuğundan başqa əlinə alıb yellətməyə nəyisə olsun. İstənilən halda mənim görüş vaxtıma bu həyasız təcavüzün qarşısını almaq lazım idi.

– Telefon kabinəsi haradadır?

– Aşağıda, enən kimi görəcəksiniz, – deyə kommutatorçu qız istiqaməti nişan verdi.

Mən pilləkənlə zala endim. Uzaqdan telefon kabinəsində Cennini gördüm. O, kabinənin qapılarının ikisini də açıq qoymuşdu. Yavaş-yavaş, saymazyana yaxınlaşdım. Güman edirdim ki, bu tərəfə baxan kimi üzümdəki sarğını, ümumiyyətlə, döyüş yaralarımı görəcək, dəstəyi tullayıb qollarımın arasına atılacaq. Bir az da yaxına gələndə qulağıma Cenninin səsi dəydi.

– Hə. Əlbəttə. Tamamilə. Oh, mən də, Fil. Mən də səni sevirəm, Fil.

Yerimdə quruyub qaldım. Kimə deyir bu sözləri? Devidsona demədiyi bəllidir: onun adının nə əvvəlində, nə ortasında, nə axırında «Fil» hissəciyi yoxdur. Tam adına isə çoxdan universitetin qeydiyyat kitabında baxmışam: Martin Ejen Devidson, Riversayd Drayv – 70, Nyu-York. Musiqi və İncəsənət Ali Məktəbinin tələbəsi. Şəklini də görmüşəm: incə, arıq, mənalı sifəti var, çəkisi isə azı 20 kiloqram məndən az olar. Amma niyə mən bu Devidsondan yapışmışam? Tamamilə aydındır ki, Cennifer Kavilleri ikimizi də birdən istefaya göndərib və bizdən üstün saydığı adam kimdirsə, indi ona telefonda öpücüklər yollayır (ürəyim bulanacaq)!

Cəmi qırx səkkiz saatlığına qızı tək buraxıb getmişəm və bu, Fil adlı əclafın birisinə kifayət edib ki, onu dartıb öz yatağına salsın (belə də olmalı idi!).

– Hə, Fil, səni sevirəm. Sağ ol.

Yalnız indi, dəstəyi asandan sonra Cenni məni gördü. Utanıb-qızarmadan üzümə güldü və əli ilə hava opüşü göndərdi. Axı Cenni necə belə ikiüzlülük edə bilirdi?

O, yüngülcə yaralı yanağımdan öpdü.

– Ey, gözümə yaxşı dəymirsən.

– Zədəli adam necə olar, Cen…

– Barı o biri oğlanın görkəmi səninkindən pisdirmi?

– Əlbəttə. Qat-qat. Mən həmişə üstümə əl qaldıranı daha pis günə salıram.

Bunu bacardığım qədər hirslə deməyə çalışdım ki, Cenni, bir növ, başa düşsün: gözdən uzaq, könüldən iraq olduğum müddətdə onu dartıb çarpayısına salan istənilən gədənin baş-gözünü dağıdaram. O mənim pencəyimin qolundan yapışdı və biz qapıya tərəf getdik.

– Hələlik, Cenni, – kommutatorda oturan qız onunla sağollaşdı.

– Hələlik, Sara Ceyn, – deyə Cenni cavab verdi.

Biz bayıra çıxıb mənim «MC»mə[23 - «MG» («Morris Garage») – Britaniyanın «MG» firmasının istehsal etdiyi ikiyerli idman avtomobili.] tərəf getdik. Ciyərlərimi soyuq axşam havası ilə doldurub bacardığım qədər etinasızlıqla soruşdum:

– De görüm, Cenni…

– Nə deyim?

– E-e, Fil kimdir?

O, qapını açıb maşına əyləşə-əyləşə sakit tərzdə cavab verdi:

– Mənim atam.


***

Ay inandım ha! Belə «ata»lar haqqında az şey bilmirik!

– Sən atana Fil deyirsən?

– Adı belədir. Bəs sən atanı necə çağırırsan?

Cenni bir dəfə mənə danışmışdı ki, onu Rod-Aylend ştatının kiçik Krenston şəhərində çörəkxana saxlayan atası böyüdüb. Cenni hələ çox gənc ikən anası avtomobil qəzasında həlak olub. Bunu mənə niyə indiyədək sürücülük vəsiqəsi almadığını izah edəndə söyləmişdi. Onu da əlavə etmişdi ki, atası bütün mənalarda «həqiqətən əla kişidir» (öz sözləridir), ancaq anasının ölümündən sonra dəhşətli dərəcədə vasvası olub və yeganə qızına maşın sürməyə icazə verməyib. Məktəbdə yuxarı siniflərdə oxuyanda, xüsusilə Providensdə pianino dərslərinə getməyə başlayanda Cenni atasının qoyduğu bu məhdudiyyətə görə çox əziyyət çəkib. Əvəzində avtobusda uzun yol getdiyi müddətdə Prustu başdan-ayağa oxuyub qurtarıb.

– Sən atana nə deyirsən? – o, sualını təkrar etdi.

Xəyala daldığımdan Cenninin sonuncu sözlərini yaxşı eşitmədim.

– Kimə?

– Soruşuram ki, sən öz əcdadınla danışanda hansı termindən istifadə edirsən?

Həmişə atamla söhbət edəndə dilimin ucunda olan sözü dedim:

– Köpəkoğlu.

– Üzünə deyirsən?

– Heç vaxt onun üzünü görməmişəm.

– Maskada gəzir?

– Müəyyən mənada hə. Daşdan. Sal qayadan.

– Get işinə! Yəqin, o səninlə fəxr edir. Axı sən məşhur idmançısan.

Mən Cenniyə baxdım. Ona hələ çox şey məlum deyildi.

– Məşhur idmançı o olub, Cenni.

– «Sarmaşıq Liqası»nın çempionundan da məşhur?

Mənim idman nailiyyətlərimi Cenninin bu dərəcədə yüksək qiymətləndirməsi xoşuma gəldi. Amma çox təəssüf ki, həmin yüksəklikdən enib yerimi atama verməli idim.

– O, 1928-ci il Olimpiadasında təkadamlıq qayıqda avar çəkib.

– İlahi! – Cenni heyrətə gəldi. – Udub?

– Yox, – dedim və atamın finalda finiş xəttinə altıncı çatdığını xatırlayıb bir az rahatlandım.

Araya sükut çökdü. İndi, bəlkə, Cenni başa düşər ki, IV Oliver Barrett olmağın çəkisi təkcə Harvardın həyətindəki daş binanın sahibiylə qohumluq əlaqələri ilə ölçülmür. Burada əzələlərin də rolu var. Mən ailəmin idman nailiyyətlərini nəzərdə tuturam.

– Bəs ona niyə «Köpəkoğlu» deyirsən? Nə edib ki?

– Məni zorlayıb, – deyə qısa cavab verdim.

– Bağışla, başa düşmədim.

– Məni zorlayıb, – təkrar etdim.

Onun gözləri nəlbəki boyda oldu.

– Bu ki qanı qana qarışdırmaqdır.

– Məni ailə problemlərinlə yükləmə, Cen. Öz ailə problemlərim kifayət qədərdir.

– Yaxşı, bunu necə edib? – Cenni soruşdu. – O nə edir ki, belə deyirsən?

– Məndən həddən artıq «düzgün olmağı» tələb edir.

– «Düzgün olmağın» nəyi pisdir? – deyə Cenni sözlərimdə ziddiyyət tapdığına sevindi və rahat nəfəs aldı.

Mən ona «Barrettlər ailəsinin böyük ənənələri»ni davam etdirmək üçün proqramlaşdırılmaq istəmədiyimdən danışdım. Məgər o hiss etmir ki, adımın da nömrələnməsindən necə əzab çəkirəm? Mən hər semestr N sayda uğur əldə etmək öhdəliyindən cana doymuşam.

– O, anlayıram, – Cenninin səsində sarkazm duyuldu. – «Sarmaşıq Liqası»nın çempionluq titulu məsələsində sənin birinci olmaqdan necə bezdiyinin canlı şahidiyəm.

– Məni bezdirən odur ki, atam məndən bütün sahələrdə bundan aşağı nailiyyət gözləmir.

Mən həmişə hiss etdiklərimi və heç vaxt heç kimlə bölüşmədiklərimi, axır ki, dilə gətirdiyimə görə özümü olduqca narahat hiss edirdim. Amma istəyirdim ki, Cenni bunları bilsin, məni daha yaxşı başa düşsün.

– Mən nəyə nail oluramsa-olum, o, inanılmaz dərəcədə laqeydliklə qarşılayır. Sanki mən, sadəcə, borcumu yerinə yetirmişəm.

– Axı o çox məşğul adamdır. Neçə-neçə banka, nə bilim, daha hansısa idarələrə rəhbərlik edir…

– Aman Tanrım, Cenni, sən kimin tərəfindəsən?

– Müharibə gedir? – o maraqlandı.

– Bəli, məhz müharibə gedir, – cavab verdim.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/erik-siqal/bir-sevgi-tarixc-si-68289550/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Preppi (ing. Preppie) – ali məktəblərə hazırlıq üzrə özəl kurslarda oxuyanlara istehza ilə verilən ad. Adətən, belə kurslara varlı ailələrin uşaqları gedirlər – bütün izahlar tərcüməçinindir.




2


Qızlar üçün humanitar Redkliff kolleci 1879-cu ildə oğlanlar üçün Harvard universiteti (1636) ilə eyni şəhərdə yaradılıb. 1963-cü ildə kolleclə universitet arasında başlanmış sıx əməkdaşlıq 1999-cu ildə bu ali məktəblərin birləşməsi ilə nəticələnib. Kollec universitetin nəzdində Perspektiv Tədqiqatlar üzrə Redkliff İnstitutuna çevrilib.




3


A – ABŞ universitetlərində ən yüksək qiymət




4


Elizabet Barrett Brauninq (ing. Elizabeth Barrett Browning, 1806–1861) – məşhur ingilis şairi




5


Harvard universitetinin ərazisində qədim bina. Bina 1859–1860-cı illərdə Barrettlər nəslinin nümayəndəsi tərəfindən tikdirilərək universitetə bağışlanıb.




6


Edvard Estlin Kamminqs (ing. Edward Estlin Cummings, 1894–1962) – Amerika şairi, yazıçısı, rəssamı, dramaturqu, formalizmin nümayəndəsi. Deyilənlərə görə, Kamminqs hətta öz adını belə kiçik hərflərlə yazırmış (e.e.cummings).




7


Harvard universitetinin qəzeti




8


Dekan siyahısı – semestrdə, yaxud tədris ilində ən yüksək bal toplamış tələbələrin siyahısı




9


«Sarmaşıq Liqası» – ABŞ-ın şimal-şərqində yüksəkkeyfiyyətli təhsil verən səkkiz universitetin yaratdığı assosiasiyaya verilmiş ad. Bu universitetlərin hamısının köhnə binalarında divarlar sarmaşıqla örtülü olub.




10


Ekseter şəhərində (Nyu-Hempşir ştatı, ABŞ) tam orta təhsil verən qədim, nüfuzlu özəl məktəb




11


1 ingilis futu – 0,3048 metrə, 1 ingilis düymü – 2,54 sm-ə bərabərdir; 5 fut 11 düym = 179,2 sm.




12


1 ingilis funtu – 0,454 qram təşkil edir;185 funt = 84 kq.




13


Natan Pusey (1907–2001) – Amerika maarifçisi, Harvard universitetinin 24-cü (1953–1971) prezidenti




14


Kornell universiteti (ing. Cornell University) – «Sarmaşıq Liqası»na daxil olan universitetlərdən biri. 1865-ci ildə yaradılmış bu universitet Nyu-York ştatının İtaka şəhərində yerləşir.




15


Kanuk – kanadalıların Amerikada ləqəbi




16


Raşmor (ing. Mount Rushmore) – ABŞ-ın Cənubi Dakota ştatında, Blek-Hils massivində məşhur dağ. Bu dağda qranit süxur üzərində dörd ABŞ prezidentinin – Corc Vaşinqtonun, Tomas Ceffersonun, Teodor Ruzveltin və Avraam Linkolnun barelyefləri yonulub.




17


Harvard Hüquq məktəbi (ing.: Harvard Law School) – Harvardın təhsil müəssisələri kompleksinə daxil olan kollec, hüquq sahəsində dünyanın ən nüfuzlu təhsil mərkəzlərindən biri




18


Sülh Korpusu (ing. Peace Corps) – Amerikada 1961-ci ildə yaradılmış humanitar təşkilat. Bu təşkilat ağır ehtiyac içində olan ölkələrə yardım göstərmək üçün könüllülər göndərir.




19


«Aston Martin DBS» – 1967–1972-ci illərdə İngiltərədə istehsal olunan bahalı idman avtomobili




20


Casus belli (lat. hərfi mənada: «müharibə hadisəsi», «hərbi toqquşma») – Roma hüququnda: müharibə elan etmək üçün formal səbəb, bəhanə




21


Yel (ing. Yale University) – «Sarmaşıq Liqası»na daxil olan nüfuzlu özəl universitet. Harvard və Prinston universitetləri ilə birlikdə «Böyük üçlük» təşkil edir.




22


«Adams Haus» (ing. Adams House) – Harvardın təhsil müəssisələri kompleksinə daxil olan kolleclərdən biri




23


«MG» («Morris Garage») – Britaniyanın «MG» firmasının istehsal etdiyi ikiyerli idman avtomobili.



Müəllifinin kinossenari kimi yazdığı, lakin kimsəyə sata bilmədiyi üçün menecerinin məsləhəti ilə romana çevirdiyi, nəticədə ona dünya şöhrəti qazandıran bu əsər oxucu qəlbini riqqətə gətirir.

Как скачать книгу - "Bir sevgi tarixçəsi" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Bir sevgi tarixçəsi" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Bir sevgi tarixçəsi", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Bir sevgi tarixçəsi»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Bir sevgi tarixçəsi" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги серии

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *