Книга - Şauşenkdən qaçış

a
A

Şauşenkdən qaçış
Stephen Edwin King


Ekranlaşdırılmış əsər
Arvadının və onun sevgilisinin qətlinə görə məhkumluq həyatı yaşayan bankirin qeyri-adi hekayətindən bəhs edən bu kitabı həyəcansız oxumaq mümkün deyil.





Stiven Kinq

Şauşenkdən qaçış və ya cazibədar Rita Heyvort



Rass və Florens Doppa ithaf olunur.







I fəsil


Mən lazım olan hər şeyi yerin altından da olsa tapa bilən yaxşı oğlanlardanam. İstisnasız olaraq hər şeyi, lap cəhənnəmin dibindən şeytanın özünü də taparam. Belə oğlanlar Amerikanın istənilən federal həbsxanasında var. Ürəyinizdən xarici siqaret keçir? Buyurun! Oğlunuz, ya qızınızın buraxılış imtahanlarını, yaxud ad gününüzü, Milad bayramını qeyd etmək üçün, bəlkə də, elə-belə, heç bir səbəb olmadan bir şüşə brendi istəyirsiniz? Buyurun!

Mən Şauşenk həbsxanasına iyirmi yaşım yenicə tamam olanda düşmüşəm və bizim gözəl ailəmizin tək-tük üzvlərindənəm ki, tutduğum əmələ görə zərrə qədər də peşman deyiləm. Mən qətl törətmişəm. Əvvəlcə məndən üç yaş böyük olan arvadımın həyatını iri məbləğdə sığortaladım, sonra da onun atasının bizə hədiyyə etdiyi “Şevrole”nin əyləcini sıradan çıxartdım. Hər şeyi dəqiq ölçüb-biçmişdim. Bircə onu düşünməmişdim ki, arvadım yarıyolda dayanıb Kastl Hillə gedən qonşu qadını və onun balaca oğlunu maşınına mindirə bilər. Lazımi anda əyləc tutmayıb və maşın böyük sürət yığaraq avtobusları da vura-vura yoldan çıxıb, təpədən üzüaşağı şığıyıb. Şahidlər sonra iddia edirdilər ki, maşının sürəti saatda səksən kilometrdən az olmayıb və müharibə qəhrəmanlarının şərəfinə ucaldılmış abidənin özülünə çırpılan kimi məşəltək alovlanıb.

Əlbəttə, məni tuta biləcəkləri heç ağlıma da gəlmirdi, amma təəssüf ki, belə oldu. Və budur, mən burdayam. Meyn ştatında ölüm hökmü yoxdur, ancaq prokuror üç dəfə ölümə layiq olduğumu deyib mənə üç ömürlük həbs cəzası istədi. Bu məni amnistiya imkanından məhrum edirdi. Hakim mənim əməlimi “dəhşətli, misli görünməmiş dərəcədə alçaq və iyrənc cinayət” adlandırdı. Bəlkə, bu, həqiqətən belə idi, amma indi artıq hər şey arxada qalıb. Siz “Castle Rock Call” qəzetinin saralmış səhifələrini vərəqləyə bilərsiniz. Orada birinci səhifədə mənə iri başlıqlı yazılar həsr edilib, fotoşəkillərim çap olunub. Amma, vallah, Hitler və Mussolininin törətdiklərinin və prezident Ruzveltin “əlifba hörrəsi” agentliklərinin[1 - Franklin Ruzveltin (1882–1945) prezidentliyi (1933–1945) dövründə ABŞ-da yaradılan federal agentliklər uzun adlarının baş hərfləri ilə tanınırdılar. Buna görə onlara “Əlifba agentlikləri” deyirdilər. Agentliklərin sayının həddən çox olması idarəçilikdə qarışıqlıq törədirdi və “əlifba hörrəsi” ifadəsi də buna işarə olaraq meydana gəlmişdi.] vurduğu ziyanın yanında bu, uşaq əyləncəsinə bənzəyir.

Soruşa bilərsiniz ki, mən günahımı yumuşammı? Özümə bəraət qazandırmışammı? Düzü, bu sözlərin tam mənasını anlamıram və həbsxana, yaxud koloniyada günahı necə yumaq mümkün olduğunu da bilmirəm. Məncə, bu, siyasətbazların söz oyunudur. Bəlkə, mənim azadlığa çıxmaq ehtimalım olsaydı, həmin sözlərin bir mənası olardı. Ancaq bu, gələcəyin işidir. Gələcək isə elə bir şeydir ki, məhbuslar onun barəsində düşünməyi özlərinə qadağan edirlər. Başqa bir neçə belə şey də var.

Mən cavan və yaraşıqlı, özüm də kasıb məhəllədən idim. Karbin-stritdəki ən dəbdəbəli evlərdən birində yaşayan gözəl və ağıllı bir qızı “ovlamışdım”. Qızın atası bircə şərtlə evlənməyimizə razı idi: gərək mən onun sahibi olduğu optika şirkətində işləyə və qocanın yolunu davam etdirəydim. Əslində isə qızın atasının məqsədi məni daim nəzarətdə saxlamaq idi – yaxşı təlim keçməmiş və hər an yiyəsini dişləyə biləcək vəhşi kimi. Bütün bunlar məndə elə böyük ikrah hissi oyadırdı ki, axırda törətdiyimə görə indi peşmanlıq çəkmədiyim işi gördüm. Ola bilsin, hər şeyi yenidən təkrar yaşamaq imkanım olsa idi, ayrı cür hərəkət edərdim. Ancaq bunun mənim “günahımı yumağım” və “günahımı dərk etməyim” anlamına gəldiyinə əmin deyiləm.

Nə isə, məqsədim özüm yox, Endi Düfresn adlı bir oğlan haqqında danışmaq idi. Amma onun haqqında danışmazdan qabaq gərək özüm barədə bəzi şeylərə aydınlıq gətirim. Bu, vaxtımızı çox almayacaq.

Dediyim kimi, mən Şauşenkdə bu lənətə gəlmiş qırx il ərzində ürəyiniz istəyən hər şeyi tapa bilən adamam. Söhbət təkcə anaşa, yaxud əla növ siqaret kimi qaçaqmallardan getmir, hərçənd onlar sifariş verilənlərin siyahısında birinci sırada durur. Mən vaxtını burada keçirən adamlar üçün minlərlə növ başqa mallar da tapıram, özü də sifarişlərin çoxunda qeyri-qanuni heç nə yoxdur. Onlar hər yerdə açıq satılır, sadəcə, cəzaçəkmə müəssisəsində onları tapmaq çox çətindir. Olduqca qəribə bir məhbus var idi. O, balaca bir qızı zorlamışdı, xeyli başqa uşağa da bədənini, cinsi orqanlarını açıb göstərmişdi. Mən onun üçün çəhrayı Vermont mərmərinin üç balaca parçasını tapdım. O da üç kiçik, gözəl heykəlcik düzəltdi: balaca oğlan uşağı, təxminən on iki yaşında oğlan uşağı və saqqallı cavan oğlan. Əsərlərinin adını belə qoydu: “İsanın üç yaş mərhələsi”. Hal-hazırda bu heykəlciklər ştatın qubernatorunun qonaq otağını bəzəyir.

Bu ad isə, əgər şimalda yaşamısınızsa, sizə yaxşı tanış olmalıdır – Robert Alan Kout. O, 1951-ci ildə Birinci Dövlət Bankını yarmağa cəhd etmişdi. Onun bu cəhdi qanlı qırğına səbəb olmuşdu, nəticədə altı adam ölmüşdü. İkisi quldur dəstəsinin üzvü, üçü bankın müştərisi, biri isə burnunu lazım olmayan vaxt bankın qapısından içəri soxduğu üçün alnına güllə çaxılmış polis idi. Koutun penni[2 - Penni – ingilis funt-sterlinqinin yüzdə birinə bərabər pul vahidi] kolleksiyası vardı. Ona kolleksiyasını həbsxanada saxlamağı qadağan etmişdilər. Amma mən Koutun anasının və sürücü işləyən bir yaxşı oğlanın köməyi ilə – həmin oğlan bizim camaşırxanamıza xidmət göstərirdi – ona yardım edə bildim. Mən ona dedim:

– Bobbi, əgər sən pul kolleksiyanı oğru və fırıldaqçılarla dolu olan bizim bu daş çuvalda saxlayırsansa, deməli, ağlını itiribsən.

O, üzümə baxıb gülümsündü və dedi ki, malını necə saxlamaq lazım olduğunu bilir:

– Narahat olma, hər şey salamat qalacaq.

Elə də oldu. Bobbi 1967-ci ildə öldü, amma həbsxana rəhbərliyi onun kolleksiyasını aşkar etmədi.

Mən müqəddəs Valentin günü “xalq” üçün şokolad tapıb gətizdirmişdim. Melley adlı tamam başdanxarab bir irlandiyalı üçün “Makdonalds”da verilən südlü kokteyllər əldə etməyi bacarmışdım. Hətta pul “atışıb” seansın haqqını ödəyən iyirmi kişi üçün “İri ağız” və “İblis miss Consun içindədir” filmlərinin gecə nümayişini təşkil etmişdim. Düzdür, bundan sonra təxminən bir həftə təkadamlıq kamerada istirahət edəsi oldum. Amma eybi yoxdur. Necə deyərlər, könlü balıq istəyənin quyruğu suda gərək. Mən siyasət və seks mövzularında kitablar tapırdım. Ömürlük və ya uzun müddətə azadlıqdan məhrum edilənlər dəfələrlə məndən arvadlarının, yaxud tanış qadınlarının alt paltarlarını tapmağı xahiş etmişdilər. Sonra onların gecələr yatmayıb nə ilə məşğul olduqlarını, yəqin ki, özünüz anlayırsınız. Mən bütün bunları quru “çox sağ ol” qarşılığında etmirəm, hərdən qiymət çox baha olur. Ancaq mən təkcə pul xatirinə özümə əziyyət verməzdim. Burada pul nə deməkdir? Mən özümə “Kadillak” ala, yaxud Yamaykaya istirahətə gedə bilmərəm. Bəs mən bunları nə üçün, nəyə görə edirəm? Yaxşı qəssab nə üçün sizin evinizə həmişə təzə ət göndərməyə çalışır? Bax elə ona görə. Səbəb eynidir. Mən özümə ad qazanmışam və onu qoruyub saxlamağa çalışıram. Mən yalnız ikicə şeylə məşğul olmuram: silah və güclü narkotiklərlə. Mən heç kimə özünü, yaxud özünə oxşarını öldürməkdə kömək etmək istəmirəm. Həyatımda kifayət qədər qətl olub, doymuşam.

Bəli, mən işgüzar adamam. Endi Düfresn də 1949-cu ildə mənə yaxınlaşıb soruşanda ki Rita Heyvortu[3 - Rita Heyvort (ing. Rita Hayworth, 1918–1987) – Amerika kino aktrisası və rəqqasəsi, 1940-cı illərdə ən məşhur Hollivud ulduzlarından biri] tapmaq mümkündürmü, mən cavab verdim: “Heç bir problem yoxdur!”. Həqiqətən də belə idi.




II fəsil


Endi 1948-ci ildə Şauşenkə düşəndə onun 30 yaşı var idi. O, qum rəngli saçları və ensiz balaca ovucları olan bəstəboy, cazibədar bir adam idi. Qızıl sağanaqlı eynək taxırdı. Dırnaqları həmişə səliqə ilə kəsilmiş və tərtəmiz olurdu. Mənim kişi haqqında belə şeyləri xatırlamağım gülməli görünə bilər. Ancaq onun dırnaqları məndə çox güclü təəssürat yaratdı və Endi gözümdə qalxdı. O, həmişə elə gəzirdi ki, sanki əynində smokinq, boynunda qalstuk var. Həbsxanaya düşənə qədər Portlenddə iri bir bankın vitse-prezidenti vəzifəsində çalışırmış. Razılaşın ki, belə cavan adam üçün pis vəzifə deyilmiş. Ələlxüsus bankların əksəriyyətinin necə mühafizəkar olduğunu nəzərə alsaq, heç pis deyilmiş. Üstəlik, əgər siz Yeni İngiltərədə yaşayırsınızsa, bu mühafizəkarlıq qat-qat artır. Çünki oranın insanları pullarını yalnız yaşlı, dazlaşmış, elə günü sabah ölə biləcək adamlara etibar edirlər. Endi arvadını və onun məşuqunu öldürdüyünə görə məhkum olunmuşdu.

Gərək ki, həbsxanada hər kəsin özünü günahsız hesab etdiyini demişdim. Burada olanların hamısı – şəraitin, bəxtsizliyin, səriştəsiz müstəntiqlərin, insafsız prokurorların, nə bilim, kütbeyin polislərin və s.-nin qurbanlarıdır. Mənə elə gəlir ki, buradakıların əksəriyyəti üçüncü növ adamlardır və onların ən böyük “bəxtsizliyi” analarının hamilə qaldıqları dövrdə uşağı saldırmamalarıdır.

Şauşenkdə keçirdiyim uzun illər ərzində cəmi on nəfərə qədər adamın günahkar olmadığına inandım. Endi Düfresn onlardan biri idi. Hərçənd Endiyə də tanış olduğumuz gündən illər sonra inandım. Əgər mən 1947-ci ildə Portlend məhkəməsində onun işinə baxan kollegiyanın üzvü olsa idim, çətin ki bu oğlanın tərəfini tutardım.

Sözün düzü, olduqca adi əhvalatdır. Bu cür qalmaqalların bütün ənənəvi elementləri öz yerindədir: cəmiyyətdə yaxşı tanınan qəşəng qadınla cavan idmançının meyiti bir yerdə tapılır, gələcəyi parlaq hansısa biznesmen isə müttəhimlər kürsüsündə əyləşdirilir. Və təbii ki, məhkəmə prosesi davam edən müddətdə qəzetlər qalmaqalı səngiməyə qoymur. Düfresnin açıq keçirilən prosesi çox uzun çəkir. Dairə prokuroru mərkəzi orqanlara müraciət etmək istəyir. Çalışır ki, Con K.Pablik[4 - Con Kyu Pablik – orta amerikalının ləqəbi] bu işə diqqət yetirsin. Həmin günlər havaların çox soyuq keçməsinə baxmayaraq tamaşaçılar ağzına qədər dolan zalda özlərinə yer tapmaq üçün səhər saat dörddən yığışmağa başlayırmışlar. Maraq göstərənləri hətta şaxta da qorxutmurmuş. Faktlar isə belə imiş: Endinin Linda Kollinz Düfresn adlı arvadı 1947-ci ilin iyun ayında “Falmauz Hills Kauntri” klubunda qolf oynamağı öyrənmək qərarına gəlir. O, həqiqətən, dörd ay ərzində klubda dərs alır. Təlimatçı isə «Falmauz Hills»də işləyən Qlen Kventin adlı bir məşqçi olur. 1947-ci ilin avqustunda Endi arvadı ilə Kventinin sevişdiklərindən xəbər tutur. 1947-ci ilin sentyabr ayının 10-da Endi və Linda möhkəm dalaşırlar. Davaya səbəb qadının ərinə xəyanət etməsi olur.

Endi məhkəmədə bildirib ki, həmin gün arvadı onun hər şeydən xəbər tutmasından sevindiyini boynuna alıb. Deyib ki, yalan danışmaqdan, kələk gəlməkdən bezib, çünki həyatda ən çox bundan xoşu gəlmir. O, Endiyə boşanmağı təklif edib. Endi də cavabında deyib ki, səni boşanma prosesində yox, cəhənnəmdə görmək ehtimalı daha böyükdür. Arvadı üzünü çevirib və gecəni Kventinlə keçirmək üçün onun qolf klubu yaxınlığında kirələdiyi evə yollanıb. Səhər evə gələn qulluqçu ikisini də çarpayıda ölmüş vəziyyətdə tapıb. Hərəsinin bədənində dörd güllə yarası var imiş.

Məhkəməni Endiyə qarşı kökləyən ən çox bu fakt olub. Dairə prokuroru da son sözünü söyləyən zaman səsi titrəyə-titrəyə, böyük ruh yüksəkliyi ilə məsələnin məhz bu tərəfini qabardıb. Prokuror bəyan edib ki, Endi Düfresn təkcə sədaqətsiz arvadından qisas alan qəzəblənmiş ər deyil.

– Qarşımızda oturan qəddar yırtıcı, soyuqqanlı canidir, – deyə prokuror səsini yüksəldib. – Fikir verin: DÖRD və DÖRD! Altı yox, məhz səkkiz dəfə atəş açıb! O, bütün darağı boşaldıb, sonra sakitcə dayanıb, silahı yenidən doldurub və yenidən hər birinə atəş açıb.

Təbii ki, bu çıxış mətbuatın əsas mövzusuna çevrilib. Qəzetlər gurultulu başlıqlarla çıxıb: “Soyuqqanlı cani”, “Günahsız cütlüyə atılan səkkiz güllə” və sair bu kimi bayağı sözlər.

Levistondakı “Vays Pavnşop” silah dükanında işləyən satıcı cinayətdən iki gün qabaq mister Düfresnə 38 çaplı altıaçılan tapança satdığını bildirib. Klubun barmeni isə şahid qismində söyləyib ki, Endi sentyabrın 10-da axşam saat yeddidə bara gələrək sodalı susuz üç viski sifariş verib və bunu iyirmi dəqiqə ərzində içib. Viskinin pulunu ödəyəndə deyib ki, Qlen Kventinin yanına gedir və bundan sonra nə baş verəcəyini barmen səhər qəzetlərində oxuya bilər. Kventinin evindən bir mil aralıda yerləşən mağazanın satıcısı isə məlumat verib ki, Düfresn həmin axşam saat doqquza on beş dəqiqə işləmiş onun yanına gəlib, siqaret, üç şüşə pivə və bir neçə qalın salfet kağızı alıb. Məhkəmə-tibb ekspertinin rəyinə görə, Kventin və Linda Düfresn sentyabr ayının 10-u saat 23:00-la sentyabr ayının 11-i saat 02:00 arasında öldürülüb. İşin istintaqını aparan müstəntiq Kventinin qaldığı evdən yetmiş yard aralıda, küçənin tinində tapdığı maddi dəlilləri məhkəməyə təqdim edib. Bu dəlillər üstündə müttəhimin barmaq izləri olan iki boş İsveçrə pivəsi şüşəsindən, müttəhimin dükandan aldığı siqaretlərin iyirmiyə qədər kötüyündən, həmçinin onun 1947-ci ildə istehsal edilmiş “Plimut” maşınının təkər izlərini eynilə təkrar edən və tökmə üsulu ilə hazırlanmış plastik zolaqdan ibarət olub.

Evin yataq otağında dörd salfet kağızı tapılıb. Onlar güllə ilə deşilibmiş və qana bulaşıbmış. Müstəntiq bu qənaətə gilib ki, cani atəş səsini nisbətən boğmaq üçün tapançanın lüləsinə salfet dolayıbmış.

Söz alan Endi Düfresn baş verən hadisə barədə sakit, soyuqqanlı tərzdə, hər sözünü ölçüb-biçərək danışıb. Söyləyib ki, haradasa iyul ayının axırlarından etibarən qulağına şayiələr çatmağa başlayıb. Avqustun əvvəlində qeyri-müəyyənlikdən təngə gəldiyi üçün hər şeyi özü yoxlamağa qərar verib. Bir axşam Linda qolf məşqindən sonra Portlendə, guya alış-verişə yollanacağını deyib. Endi onu və Kventini sonuncunun kirayə etdiyi evə qədər güdüb (qəzetlər bura “Məhəbbət yuvası” adı vermişdi). Endi maşını döngədə saxlayıb və Kventin Lindanı öz avtomobili ilə kluba aparana qədər gözləyib. Qadın maşınını orada qoyubmuş.

– Siz demək istəyirsiniz ki, arvadınızı özünüzün yeni “Plimut”unuzda təqib etmisiniz? ‒ prokuror soruşub.

‒ Mən həmin axşam dostumla maşınımı dəyişdirmişdim, ‒ Endi cavab verib.

Onun öz hərəkətlərini belə soyuqqanlılıqla planlaşdırması hakim və andlı iclasçıların Endiyə olan mənfi münasibətini bir az da dərinləşdirib.

Endi dostunun maşınını qaytarıb özününkünü götürəndən sonra evə dönüb. Linda çarpayıda uzanıb kitab oxuyurmuş. Endi ondan Portlendə səfərinin necə keçdiyi barədə soruşub. Qadın cavab verib ki, hər şey çox gözəl olub, amma almağa bir şey seçə bilməyib. O vaxdan Endidə öz şübhələrində haqlı olduğuna əminlik yaranıb. O bunları olduqca sakit tərzdə, ifadə verdiyi müddət ərzində bir dəfə olsun kəsilməyən, ucalmayan, dəyişməyən asta, axıcı səslə danışıb.

‒ Həmin vaxtdan başlayaraq arvadınız qətlə yetirilən gecəyə qədər sizin psixoloji durumunuz necə olub? ‒ müdafiəçi soruşub.

‒ Mən dərin depressiya içində idim, ‒ Endi sakitcə cavab verib. O özünü öldürmək qərarına gəldiyi və hətta bu məqsədlə sentyabrın 8-də Levistondan tapança aldığı barədə danışıb. Özü də bunları eyni yeknəsəqliklə, restoranda rahat oturub menyunu oxuyan bir adam kimi, heç bir həyəcan keçirmədən söyləyib.

Müdafiəçi ona təklif edib ki, cinayət baş verən gecə, yəni Linda məşqçisi Qlen Kventinlə görüşə yollandıqdan sonra nələrin baş verdiyini andlılara desin. Endi bunları da danışıb və andlılarda özünə qarşı təsəvvürünüzə gətirə bilməyəcəyiniz dərəcədə pis fikir yaradıb.

Mən Endini otuz il ərzində çox yaxından tanımışam və deyə bilərəm ki, həyatımda onun qədər iradəli adama rast gəlməmişəm. Əgər kefi yerindədirsə, hərdən özü barədə bəzi xırda-para şeylər danışa bilər. Yox, qanı nəyə görəsə qaradırsa, heç nə öyrənə bilməyəcəksiniz. Bəlkə də, Endi nə vaxtsa, bir yazıçının dediyi kimi, “qəlbinin qara gecəsi”ni yaşayıb, amma bu barədə o heç vaxt və heç kimə danışmayacaq. Endi o adamlardandır ki, intihar etmək qərarına gələndə vay-şivən salmırlar, vida mərasimi təşkil etmirlər, heç kimə ürəkdağlayan məktublar yazmırlar. Əvəzində kağız-kuğuzlarını səliqəyə salırlar, bütün borclarını ödəyirlər, sonra isə düşündüklərini sakitcə və qətiyyətlə həyata keçirirlər. Məhkəmədə onun işini dolaşdıran da elə bu soyuqqanlılığı olmuşdu. Kaş ki o, azca da olsa, hislərini büruzə verə biləydi; məsələn, əgər Endi danışanda səsi titrəsəydi, birdən hönkürtüylə ağlasaydı, ya da, heç olmasa, dairə prokurorunun üstünə bağırsaydı, sizi inandırıram, bu onun xeyrinə olardı. Heç şübhə etmirəm ki, onu, məsələn, 1954-cü ildə əfv edərdilər. Ancaq o, bütün əhvalatı maşın kimi, hissiyyatsız avtomat kimi danışıb. Sanki andlı iclasçılara deyib:

– Mənim söyləyəcəyim həqiqət budur. Onu qəbul edib-etməmək isə sizin işinizdir.

Andlılar da qəbul etməyiblər.

Endi həmin gecə sərxoş olduğunu, ümumiyyətlə, avqust ayının 24-dən bəri çox içdiyini, bəzən özü üzərində nəzarəti itirdiyini söyləyib. Andlıları buna da inandırmaq çətin olub. Çünki qarşılarında əynində gözəl yun dəst kostyum, boğazında qalstuk olan, özünü əldə saxlamağı bacaran, soyuq və sakit baxışlı bir adam görüblər. Əlbəttə, arvadının əyalət məşqçisi ilə yaşadığı xırda eşq macərasına görə belə bir adamın içib lülqənbər olmasına inanmaq çətin idi. Mənim buna inanmağıma səbəb Endini yaxından tanımaq imkanımın olmasıdır. O andlıların isə belə imkanı yox idi.

Bizim tanış olduğumuz müddət ərzində Endi Düfresn ildə cəmi dörd dəfə spirtli içki sifariş verirdi. O, ad gününə, sonra isə Milad bayramına bir-iki həftə qalmış gəzinti üçün nəzərdə tutulan həyətdə mənə yaxınlaşırdı. Hər dəfə bir şüşə “Cek Deniels” sifariş verirdi. Məhbusların əksəriyyəti kimi o da ürəyindən keçəni həbsxanada qul təki işləməyinin qarşılığında verilən qəpik-quruşa alırdı. 1965-ci ildən əməyimizin dəyəri iyirmi beş faiz artırılsa da, gülünc dərəcədə az idi. Mənim əməyim sifariş edilən malın dəyərinin on faizi qədər qiymətləndirilirdi. Bunu “Blək Cek” kimi yüksəkkeyfiyyətli viskinin qiymətinə əlavə etsəniz, həmin içkidən ildə dörd şüşə almaq üçün həbsxana camaşırxanasında neçə saat qul kimi işləmək lazım olduğunu təsəvvürünüzə gətirə bilərsiniz.

Sentyabrın 20-də, öz ad günündə səhər Endi bir az viski içdi, axşam “yatmaq” siqnalından sonra isə içməyinə davam etdi. Səhərisi şüşəni içində qalanla birlikdə mənə verib dedi ki, öz uşaqlarımız arasında bölüm. Milad bayramında içdiyini də, Yeni il üçün sifariş etdiyini də, o biri – dördüncü şüşəni də yarıdolu mənə qaytarıb eyni təlimatı verdi. İldə dörd dəfə. Bu, əvvəllər dayanmadan vuran və içkili vəziyyətdə çox pis bir işə düşən həmin adam idi! Endinin başına gələn isə, həqiqətən, olduqca pis iş idi.

Endi andlılara bildirib ki, sentyabrın 10-dan 11-nə keçən gecə çox sərxoş olub və baş verənləri qırıq-qırıq xatırlayır. O, hələ səhərdən, Linda ilə dalaşmamışdan qabaq içməyə başlayıb. Arvadı Kventinlə görüşə yollananda ona mane olmaq qərarına gəlib. Yolüstü bir-iki qədəh gillətmək üçün kluba girib. Barın sahibinə səhər qəzetləri barədə nəsə dediyini, ümumiyyətlə, onunla söhbət edib-etmədiyini xatırlamır. Mağazada isə salfet yox, pivə aldığını xatırlayır.

– Axı salfet mənim nəyimə lazım idi? ‒ Endi sual verib.

Qəzetlərdən birində bu vaxt andlılardan üç xanımın diksindiyi yazılmışdı.

Sonralar, çox-çox sonralar Endi bu lənətə gəlmiş salfet kağızları barədə danışan satıcı haqda öz mülahizələrini mənimlə bölüşdü. Mənə də elə gəlir ki, hər şey məhz belə olmuşdu.

– İttihamçının konsepsiyasına əsaslanaraq fərz edək ki, ‒ Endi həbsxana həyətində gəzişəndə deyirdi, ‒ onlar gecə mənə pivə satan oğlanı öz sualları ilə bezdiriblər. Onun məni gördüyü vaxtdan üç gün keçib. Bütün qəzetlərin birinci səhifələri mənim işimə həsr olunub, hamı ancaq bu barədə danışır. Beş-altı polis isə, üstəgəl müstəntiq, üstəgəl prokuror yazığın üstünə düşüblər. Red, yaddaş çox namərd bir şeydir. Onlar belə bir sualdan başlaya bilərdilər: “Bəlkə, müttəhim sizdən salfet alıb?” Sonra isə eyni sualı dönə-dönə təkrar edə bilərdilər. Əgər bir xeyli adam sənin nəyisə yadına salmağını istəyirsə, çox güman ki, əvvəl-axır “yadına” salacaqsan.

Mən Endi ilə razılaşıb dedim ki, belə hal tamamilə mümkündür. Endi davam etdi:

– Şüura güclü təsir edən bir şey də var. Məhz buna görə mən belə düşünürəm ki, satıcı dediklərinin həqiqət olduğuna özünü inandırıb. Söhbət şöhrətdən gedir, Red. Təsəvvürünə gətir ki, müxbirlər bu cavan oğlana suallar verirlər, bütün qəzetlərdə onun şəkilləri çıxır… və nəhayət, o, məhkəmədə çıxış edir. Düşünürəm ki, o, “yalan detektoru”ndan keçirilsəydi, əgər keçirilməyibsə, yaxud anasının canına and içməli olsaydı, əgər içməyibsə, yenə belə deyərdi. Təsdiq edərdi ki, mən həmin salfet kağızlarını almışam. Həqiqətən də… yaddaş yaman namərd şeydir. Bircə şeyi bilirəm: mənim vəkilim söylədiklərimin yarısını uydurduğumu düşünsə də, salfet məsələsini fikirləşmədən inkar edirdi. Həqiqətən də, bu məsələdə bir uyğunsuzluq yaratmışdılar. Mən lülqənbər kefli idim. O dərəcə sərxoş idim ki, atəş səsini boğmaq barədə düşünə bilməzdim. Əgər mən atəş açmışdımsa, artıq heç nə barədə düşünməzdim, – Endi belə deyirdi.

O, maşını döngədə saxlayıb pivə içir, siqaret çəkir və gözləyirmiş. Kventinin mənzilinin pəncərələrindən süzülən işığa baxırmış. Pillələrlə bir qaraltının yuxarı qalxdığını, sonra aşağı düşdüyünü görüb. Və qaranlıq çöküb. Endi deyirdi ki, sonra baş verənləri yalnız təxmin edə bilər.

‒ Mister Düfresn, sonra siz mister Kventinin evinin pilləkəni ilə onu və arvadınızı öldürmək üçün qalxmadınızmı? ‒ müdafiəçi soruşub.

‒ Yox, belə şey olmayıb, ‒ Endi cavab verib. O haradasa gecəyarısına yaxın ayılmağa başladığını söyləyib. Dəhşətli başağrısı və bərk sərxoşluqdan sonra yaranan bütün əlamətləri hiss etməyə başlayıb. Evə gedib yatmağı və bütün işləri barədə səhər, ayıqbaşına fikirləşməyi qərara alıb.

‒ Evə gedən zaman yolda ağlıma gəldi ki, yaxşısı budur, özümə əzab verməyim və arvadımla boşanmağa razılaşım, ‒ Endi sözünü yekunlaşdırıb.

Prokuror yerindən hoppandı:

‒ Deməli, belə. Arvadınızla boşanmaq üçün yaxşı yol seçmisiniz, elə deyilmi? Siz onunla lüləsinə salfet doladığınız otuz səkkiz çaplı tapançanın köməyi ilə ayrılmısınız, düzdür?

‒ Xeyr, ser, belə şey olmayıb, ‒ Endi sakitcə cavab verib.

‒ Sonra da onun sevgilisini güllələmisiniz.

‒ Xeyr, ser.

‒ Demək istəyirsiniz ki, birinci Kventin payını alıb?

‒ Mən demək istəyirəm ki, onlardan heç birinə əsla güllə atmamışam. Mən iki şüşə pivə içmişəm və polisin kötüklərini tapdığı bütün o siqaretləri çəkmişəm. Sonra evə gedib yıxılıb yatmışam.

‒ Siz andlı iclasçılara dediniz ki, avqustun 24-dən sentyabrın 10-a kimi özünüzü öldürmək istəmisiniz?

‒ Bəli, ser.

‒ Hətta bunun üçün tapança da almısınız.

‒ Bəli.

‒ Mister Düfresn, cizə desəm ki, məndə heç də özünü öldürmək istəyən adam təəssüratı yaratmırsınız, buna necə baxarsınız?

‒ Nə olar ki, ‒ Endi cavab verib. ‒ Sizsə məndə kifayət qədər ağıllı və uzaqgörən adam təəssüratı yaratmırsınız. Mən, həqiqətən, özümü öldürmək həddinə çatmışdım, sizin bu barədə nə düşündüyünüz isə öz işinizdir.

Zalda yüngülcə səs-küy qalxıb. Andlı iclasçılar öz aralarında pıçıldaşıblar.

‒ Həmin o sentyabr axşamı tapançanızı özünüzlə götürmüşdünüz?

‒ Xeyr, axı mən demişdim…

‒ Hə, doğrudan da! ‒ prokuror kinayə ilə güldü. ‒ Siz onu çaya atmışdınız, elə deyilmi? Royal Riverə. Sentyabrın 9-da, səhər.

‒ Bəli, ser.

‒ Qətldən bir gün əvvəl.

‒ Bəli, ser.

‒ İnandırıcıdır, elə deyil?

‒ İnandırıcı olub-olmadığını bilmirəm, ser. Bu, həqiqətdir, vəssalam.

‒ Deyəsən, siz leytenant Minçerin ifadəsini eşitmisiniz?

Minçer çayın Pond Roud körpüsünə yaxın ətraf ərazisini yoxlamış qrupun rəhbəri idi. Endi tapançanı çaya həmin körpüdən atmışdı. Suyun dibində aparılan axtarışlar nəticə verməmişdi.

‒ Bəli, ser. Eşitmişəm.

‒ Onların üç gün apardıqları axtarışlar nəticəsində heç nə tapmadıqlarını eşitmisiniz? Axı, deyəsən, bu da inandırıcı səslənir.

‒ Ola bilər. Onların heç nə tapmadıqları faktdır, ‒ Endi sakit tərzdə cavab verib. ‒ Ancaq mən nəzərinizə çatdırmaq istərdim ki, Pond Roud körpüsü çayın Yarmut körfəzinə töküldüyü yerə çox yaxın yerləşir. Orada axın olduqca güclüdür və tapançanı körfəzə apara bilərdi.

‒ Və əlbəttə ki, arvadınızla mister Kventinin qanlı bədənlərindən çıxarılan güllələrlə sizin tapançanızın heç bir əlaqəsi yoxdur. Bu belədir, mister Düfresn?

‒ Bəli, ser.

‒ Bu, inandırıcı görünməlidir?

Qəzetlərin yazdığı kimi, bu vaxt Endinin bütün məhkəmə prosesi boyu yol verdiyi nadir emosional reaksiyalardan birini izləmək olardı. Onun dodaqlarından güclə sezilə biləcək istehzalı gülüş keçib.

‒ Ser, mən bu cinayətdə təqsirli olmadığım və tapançanı qətldən bir gün əvvəl çaya atdığım haqda dediklərim həqiqət olduğu üçün onun indiyə qədər tapılmamağında təəccüblü heç nə yoxdur.

Prokuror iki gün ərzində Endini sıxma-boğmaya salmışdı. O elə hey satıcının salfet barədə verdiyi ifadələri oxuyub dururdu. Endi bu salfetləri aldığını xatırlamadığını, eyni zamanda onları almadığına and da içə bilməyəcəyini söyləyirdi.

1947-ci ilin əvvəllərində Endi və Linda Düfresnlərin həyatlarını iri məbləğə sığortaladıqları düzdürmü? Bəli, elədir. Elə isə arvadının qətlindən sonra Endinin əlli min dollar almalı olduğu doğrudurmu? Doğrudur. Belə olan halda onun sevgililəri öldürmək məqsədilə Kventinin evinə gedib, həqiqətən də, hər ikisini öldürməsi doğrudurmu? Xeyr, bu, doğru deyil. Onda Endi baş vermiş hadisə barədə, polisin heç bir qarət izi aşkar etməməsini nəzərə alsaq, nə düşünür?

‒ Mən bunu deyə bilmərəm, ser, ‒ Endi cavab verib.

Məhkəmə gündüz saat birdə məşvərət üçün zalı tərk edib. Andlı iclasçılar dördün yarısı qayıdıblar. Pristav onların tez qayıdacaqlarını desə də, andlılar dövlət hesabına “Bentli” restoranında açılan gözəl nahar süfrəsinə qatıldıqlarından gecikiblər. Onlar mister Düfresni günahkar elan ediblər və əgər Meyndə ölüm hökmü olsaydı, Endi bu ecazkar dünyanı hələ ilk novruzgülləri açmamış tərk edərdi.




III fəsil


Prokuror Endidən baş verənlər barədə nə düşündüyünü soruşub. O isə cavab verməyib. Əslində, bu barədə bəzi düşüncələri olub və 1955-ci ildə, gecələrin birində özüm də gözləmədiyim halda mən onları eşitdim. Ona görə “gözləmədiyim halda” deyirəm ki, bizim salaməleyk tanışlığından daha yaxın dostluq münasibətlərinə keçməyimizə yeddi il vaxt lazım oldu. Və doğrusu, təxminən 1960-cı ilə qədər mən özümü Endiyə yaxın adam saymırdım. Hərçənd o vaxt da Endinin az-çox yaxınlıq etdiyi yeganə dustaq idim. Bizim ikimiz də uzunmüddətli həbsə məhkum edilmişdik, kameralarımız bir-birindən xeyli aralı, amma eyni dəhlizdə idi.

‒ Mən bu barədə nə düşünürəm? ‒ həmin gecə Endi gülümsəmişdi. ‒ Düşünürəm ki, o gün hər tərəfi bədbəxtlik basmışdı. Qısa müddət ərzində bu qədər xoşagəlməz hadisənin baş verəcəyini təsəvvür etmək belə çətindir. Bədbəxtlik bu lənətə gəlmiş evin başına hərlənirdi. Qatil yoldan ötən bir naməlum şəxs ola bilərdi. Bəlkə, ev yaran oğru imiş. Ola bilsin, oradan təsadüfən keçən dəli imiş. Manyakmış. Sadəcə onları öldürüb, vəssalam. İndi isə mən buradayam.

Hər şey bu qədər sadədir. O isə indi ömrünün tamamını, yaxud onun böyük bir hissəsini Şauşenkdə keçirməli olacaq. Bu lənəntə gəlmiş deşikdə. Sizin şəxsi işinizdə “qətl” yazılıbsa, buradan çıxmaq müşkül məsələdir. Su damcılarının daşı parçalaması kimi müşkül və ləng gedən bir prosesdir. Kollegiyanın yeddi üzvü var – digər həbsxanalarda olduğundan iki nəfər də artıq. Həmin yeddi adamın hər birinin buz kimi soyuq düşüncəsi və daş ürəyi var. Siz onları nə ala, nə şirin dilinizin altına sala, nə qorxuda bilərsiniz. Onlardan mərhəmət gözləmək də əbəsdir. Burada, bu divarlar arxasında pul əvvəlki əhəmiyyətini itirir və hər şey dəyişir.




IV fəsil


Kendriks adlı bir oğlan var idi. Mənə xeyli pul borclu idi, dörd il ərzində yavaş-yavaş ödəyirdi. O mənə işləyirdi. Ən böyük xeyri bu idi ki, özümün əlimin yetmədiyi məlumatları mənə çatdırırdı. Əgər mənim işim kimi bir işlə məşğulsansa, gərək həmişə sayıq, bütün yeniliklərdən xəbərdar olasan.

Kendriks mənə kollegiya üzvlərinin Endi Düfresnin vaxtından əvvəl azad olunması məsələsinə dair necə səs verdiklərini söylədi. 1957-ci ildə: yeddi-sıfır əleyhinə, 1958-də: altı-bir, 1959-da: yeddi-sıfır və 1960-da: beş-iki. Sonra nə olduğunu bilmirəm, amma on altı il keçmişdi, o isə hələ də beşinci bölmənin 14-cü kamerasında qalırdı. Həmin vaxt, yəni 1975-ci ildə onun əlli yeddi yaşı var idi. Ola bilsin, kollegiya alicənablıq göstərib Endini haradasa 1983-cü ildə azadlığa buraxa bilərdi. Onlar, əlbəttə, sizə azadlıq bəxş etməklə çox humanist addım atırlar. Amma görün mən nə danışıram. Mən burada Şervud Bolton adlı birini tanıyırdım. Bolton 1945-ci ildən 1953-cü ilə qədər kamerasında göyərçin saxlayırdı, əfv olunanadək quş onunla idi. Həmin oğlan quşları çox da sevmirdi, sadəcə, göyərçinə öyrəşmişdi. Adını Cek qoymuşdu. Bolton özü kollegiyanın qərarı ilə azadlığa çıxmazdan bir gün əvvəl quşu da azadlığa buraxdı. Quşcuğaz onun əlindən pırıldayıb uçdu və bir də o göyərçini görən olmadı. Şervud Bolton bizim balaca xoşbəxt ailəmizi tərk etdikdən bir həftə sonra isə yoldaşlarımdan biri məni çağırdı və gəzinti həyətinin qərb küncünə apardı. Şervud, adətən, buralarda gəzişirdi. Yerdə, toz-torpağın içində lələk topası var idi. Diqqətlə baxdıqda çətinliklə də olsa bunun qurumuş göyərçin cəsədi olduğunu görə bilərdin. Yoldaşım soruşdu:

‒ Bu, Cekdir?

Bəli, bu, Cek idi. Yazıq quş ölmüşdü.

Mən Endi ilə ilk dəfə yolumuzun kəsişdiyi anı xatırlayıram. O gün yadımda dəqiqliklə qalıb, bütün xırdalıqları indiyədək gözümün önündədir, sanki bunlar hamısı dünən olub. Endi həmin gün məndən Rita Heyvortu istəməmişdi. Bu, sonra baş vermişdi. 1948-ci ildə o mənə tamam başqa məsələ ilə bağlı yaxınlaşmışdı.

Əməliyyatlarımın çoxunu gəzinti həyətində həyata keçirirdim. Həmin sövdələşməmiz də orada baş tutdu. Bizim həyətimiz olduqca böyükdür, bir çox başqa həbsxanalardakı həyətlərdən xeyli genişdir. Şimal tərəfində divar, divarın hər küncündə qüllə var. Yaxşı silahlanmış, binokllu keşikçilər qüllədə oturub ətrafı nəzarətdə saxlayırlar. Əsas darvaza da buradadır. Müxtəlif yüklərin daşınması üçün nəzərdə tutulan nisbətən kiçik darvazalar isə həyətin cənub tərəfində yerləşir. Onların sayı beşdir. İş həftəsi boyunca Şauşenkdə həyat qaynayır: xidmətçilər ora-bura gedib-gəlirlər, yük maşınları darvazaların qabağında siqnal verir. Ərazimizdə bütün həbsxanaya, ustəgəl Kitteri hospitalı və Eliot sığınacağına da xidmət göstərən böyük camaşırxana var. Burada bir iri qaraj da yerləşir. Qarajda mexanik vəzifəsini icra edən məhbuslar işləyirlər, həbsxananın və gözətçilərin maşınlarını, həmçinin dövlət təşkilatlarına və bələdiyyəyə məxsus avtomobilləri təmir edirlər… Əlbəttə ki, kollegiya üzvləri də bizim xidmətlərdən istifadə etmək imkanından vaz keçmirlər.

Həyətin qərb tərəfi daş divardır, divarın barmaqlıqları olan kiçik pəncərələri var. Beşinci bölmə bu divarın arxasındadır. Müdiriyyət və müalicə məntəqəsi şərq tərəfdə yerləşir. Şauşenk digər həbsxanalar kimi heç vaxt ağzına qədər dolu olmayıb, 1948-ci ildə isə kameraların, olsa-olsa, üçdə ikisi tutulmuşdu. Ancaq gəzinti həyətində hər vaxt futbol, yaxud beysbol oynayan, sadəcə veyillənən, söhbət edən səksən-yüz adam görə bilərsən. Bazar günləri həyətdə xüsusilə qələbəlik olur. Əgər qüllədəki qoçaqlar olmasaydı və qadınların yoxluğu gözə dəyməsəydi, bizim həyət həftəsonu şəhər əhalisinin gəzintiyə çıxdığı bulvarı xatırladardı.

Endi ilk dəfə mənə məhz bazar günü yaxınlaşdı. Elmor Armitaj adlı yaxşı bir oğlan var idi, tez-tez mənə müraciət edirdi. Onunla söhbətimizi yenicə yekunlaşdırmışdıq ki, Endi yanima gəldi. Əlbəttə, mən onun kim olduğunu bilirdim. O artıq həbsxanada “ədabaz və soyuqqanlı tip” kimi tanınmışdı. Qulağıma ortalıqda gəzən belə bir söz də dəymişdi: “Endi əmindir ki, onun nəcisi adi adamların poxundan yaxşı ilənir”. Deyirdilər ki, burada onu yaxşı heç nə gözləmir. Bunu iddia edənlərdən biri də Boqs Daymond idi. Başınız bədəninizə ağırlıq eləmirsə, bu oğlanın qabağına çıxmasanız yaxşıdır. Endi haqqında artıq xeyli şayiə gəzirdi, amma mən insan haqqında özüm fikir formalaşdırana qədər belə dedi-qodulara fikir vermirəm.

‒ Günortanız xeyir, ‒ o dedi, ‒ mən Endi Düfresnəm.

Endi əlini mənə uzatdı, mən onu sıxdım. O özünü ünsiyyətcil adam kimi qələmə vermək üçün vaxt itirənə oxşamırdı. Həqiqətən də, biz o dəqiqə mətləbə keçdik.

‒ Sizin bəzi şeylər tapa biləcəyinizi eşitmişəm.

“Bəzi şeylərin” mənim kimi təvazökar adamın imkanları daxilində olduğu ilə razılaşdım.

‒ Siz bunu necə edirsiniz? ‒ Endi birbaşa soruşdu.

‒ Olur ki, başqalarının axtardıqları şeylər özləri mənim əlimə gəlir. Bunu izah etmək çətindir. Bəlkə də, iş mənim irlandiyalı olmağımdadır.

O, azca gülümsündü:

‒ İstəyirəm ki, mənim üçün geoloji çəkic tapasınız.

‒ O nə olan şeydir və nəyinizə lazımdır?

Endi təəccübləndi, qaşlarını çatdı:

‒ Məgər sizin biznesinizdə sifarişçidən aldığı malı necə və harada işlədəcəyi barədə arayış tələb olunur?

Bax onda mən adamların Endini nə üçün ədabaz adlandırdıqlarını anladım. Belə suallar verənə məhz bu cür ad qoyarlar. Ancaq mənə elə gəldi ki, onun sözlərində bir balaca istehza da var. Vəziyyəti izah etdim:

‒ Bilirsinizmi, əgər siz diş fırçası istəsəniz, mən məqsədinizi bilmədən də birtəhər keçinərəm. Sadəcə, qiyməti deyərəm. Çünki diş fırçası, belə demək mümkünsə, ölüm alətləri sırasına daxil deyil.

‒ Sizin ölüm alətlərinə münasibətiniz bu dərəcədə mənfidir?

‒ Bəli.

Köhnə, cındırı çıxmış beysbol topu üstümüzə gəldi. Endi topu havadaca tutdu və haradan gəlmişdisə, ora qaytardı. Onun əl hərəkətləri olduqca dəqiq, cəld və zərif idi. Şəxsən Frenk Melzon belə hərəkət edə bilsəydi, bundan qürur duyardı. Hərə bir tərəfdə öz işini görürdü, amma çoxlarının bir gözünün bizdə olduğuna fikir verirdim. Bəlkə, hətta qüllədəki qoçaqlar da maraqla bizi izləyirdilər. Hər həbsxanada məhbuslar arasında böyük nüfuza malik bir neçə adam olur. Kiçik həbsxanalarda dörd-beş, iri həbsxanalarda iyirmi-otuz belə nüfuzlu şəxs tapmaq mümkündür. Şauşenkdə onlardan biri mən idim və rəyimdən çox şey asılı idi. Endi haqqında söyləyəcəklərim onun sonrakı taleyində mühüm rol oynayacaqdı. O özü də bunu bilirdi, amma mənə yaltaqlanmırdı. Buna görə ona hörmət etməyə başlayırdım.

‒ Yaxşı, bu çəkicin nə olduğunu və onu niyə istədiyimi sizə danışacağam. Geoloji çəkic təxminən bu boydadır. ‒ Endi əllərini araladı və mən onun əllərinə necə qulluq etdiyinə, dırnaqlarını səliqə ilə kəsdiyinə, təmizlədiyinə fikir verdim. ‒ Bir az külüngü xatırladır, bir ağzı iti, o birisi yastıdır. Mən daşları xoşladığımdan sizə belə bir sifariş verirəm.

‒ Daşları… ‒ mən təkrar etdim.

Endi mənə baxıb gülümsədi:

‒ Bir bura gəlin.

Mən dəvəti qəbul etdim. Biz uşaq kimi çöməlib oturduq.

Endi yerdən bir ovuc torpaq götürüb ovuclarının arasında ovxalamağa başladı. Onun yaxşı qulluq görmüş əllərindən toz buludu qalxdı. Ovuclarında bir neçə xırda daş qaldı. Bəziləri parıldayır, digərləri insanda heç bir maraq oyatmırdı. Daşların arasında xırda kvars parçası da var idi. Endi onu yaxşıca təmizləməyincə adi daş kimi görünürdü. Təmizləyəndən sonra isə şüşə kimi par-par yanırdı.

Endi daşı mənə atdı. Mən onu tutdum.

‒ Əlbəttə ki, kvarsdır, ‒ dedim.

Endi başı ilə təsdiqlədi.

‒ Bunlara da baxın. Mika. Şist. Qranit. Burada əhəngdaşı yataqları olub. Əgər fikir vermisinizsə, bizim bu gözəl həyətimiz təpənin döşündə salınıb. Buna görə də burada müxtəlif daşlar tapmaq mümkündür. ‒ O, əllərini çırpıb təmizlədi. ‒ Mən daşların böyük həvəskarıyam. Daha doğrusu… idim, bura düşənə qədər, o biri həyatımda. Amma imkan daxilində burada da sevimli işimlə məşğul olmaq istəyirəm.

‒ Gəzinti həyətinə bazar günü ekspedisiyası?

Əlbəttə, bu, olduqca axmaq söz idi. Amma bir parça kvars qəribə şəkildə qəlbimi kövrəltdi. Səbəbini izah da edə bilmirəm. Əvvəllər burada belə işlərlə məşğul olmaq heç kimin ağlına gəlməmişdi. Bu kiçik daş parçası, ola bilər, mənim üçün bizi ətraf dünyaya bağlayan bir tel idi. Azadlığa bağlayan.

‒ Gəzinti həyətinə bazar günü ekspedisiyası təşkil etmək, ümumiyyətlə, onlarsız keçinməkdən daha yaxşıdır, ‒ Endi dedi.

‒ Ancaq mən bu balaca çəkicin gec, ya tez kiminsə başına enməyəcəyinə əmin ola bilərəmmi?

‒ Mənim burada düşmənlərim yoxdur, ‒ Endi yumşaq tərzdə dedi.

‒ Yoxdur? ‒ mən gülümsədim. ‒ Bir az gözləyin, görərsiniz.

‒ Bir anlaşılmazlıq yaransa, mən hər şeyi çəkicsiz də yoluna qoyaram.

‒ Ola bilər. Siz buradan qaçmaq istəyirsiniz? Divarı bala-bala dağıtmaq fikriniz var? Əgər belədirsə…

O güldü. (Səbəbini yalnız üç həftədən sonra həmin çəkici görəndə anladım.)

‒ Əgər çəkici görən olsa, əlinizdən alınacağından, yəqin ki, xəbəriniz var. Əlinizdə çay qaşığı belə görsələr, əmin olun, onu da alacaqlar. Hə, fikriniz nədir? Burada, həyətin ortasında oturub daşları taqqıldatmaq istəyirsiniz?

‒ Sizi inandırıram ki, mənim məqsədim bu deyil. Fikirləşib daha yaxşı bir şey taparam.

‒ Onun qiyməti neçə ola bilər? ‒ maraqlandım. Endinin soyuq, sakit, azca istehzalı ünsiyyət tərzi xoşuma gəlməyə başlamışdı. Əgər siz bu lənətə gəlmiş deşikdə mənim qədər vaxt keçirsəydiniz, başa düşərdiniz ki, bağıra-bağıra danışan, davakar, ağzından söyüşdən başqa bir söz çıxmayan haylı-küylü adamlardan necə bezmək olar. Endi, demək olar, dərhal xoşuma gəlmişdi.

‒ Səkkiz dollar, ‒ o cavab verdi. ‒ Ancaq mən anlayıram ki, siz də bu işlə öz ziyanınıza məşğul olmursunuz.

‒ Adətən, mən malın qiymətinin üstünə on faiz qoyuram. Amma söhbət, təhlükəli olmasa da, müdiriyyətin gözünə dəyə bilən şeylərdən gedirsə, qiyməti artırıram. Axı mən özüm də bütün mexanizmlərin problemsiz işləməsi üçün kiminsə ovcuna nəsə qoymalı oluram… Belə deyək: on dollar.

‒ Razılaşdıq.

Mən maraqla ona baxdım, azca gülümsədim:

‒ Yəni sizin bu qədər pulunuz var?

‒ Bəli, ‒ Endi çiyinlərini çəkdi.

Uzun müddətdən sonra onun daha çox pulu olduğunu bildim. Haradasa beş yüz dollar. Onları özü ilə içəri gətirə bilmişdi. Əlbəttə, həbsxanaya düşəndə sizi başdan-ayağa yoxlayırlar. Yoxlayan uşaqlar əmin olun ki, üstünüzdən tapa biləcəkləri hər şeyi əlinizdən alacaqlar. Lakin təcrübəli, yaxud Endi kimi fərasətli adam yoxlamada bu şanlı oğlanları barmağına dolaya bilər. Bunun min bir yolu var.

‒ Çox gözəl, ‒ mən dedim, ‒ bir də ki, ümid edirəm, tutulsanız, nə edəcəyinizi bilirsiniz.

‒ Məncə, bilirəm, ‒ Endi cavab verdi və onun boz gözlərindəki ifadənin dəyişməsindən hiss etdim ki, mənim nə demək istədiyimi anladı. Bu, çox da nəzərə çarpan dəyişiklik deyildi, sadəcə, Endinin gözlərindən ani olaraq bir istehzalı parıltı ötüb- keçdi.

‒ Sizi tutsalar, çəkici yerdən tapdığınızı söyləməlisiniz. İki-üç həftəlik təkadamlıq kameraya düşəcəksiniz. Təbii ki, oyuncağınızı itirəcəksiniz və şəxsi işinizə bir qeyd əlavə olunacaq. Mənim adımı heç bir halda çəkmək olmaz. Tapmısınız, vəssalam, oyan-buyanı yoxdur. Əgər məni satsanız, sizinlə daha heç bir ortaq işimiz olmayacaq. Heç bir işimiz: mən sizin üçün nə viski, nə də bayram münasibətilə şokolad gətizdirəcəyəm. Bundan əlavə, uşaqlardan xahiş edəcəyəm ki, sizə həbsxanada davranış qaydalarını qısaca izah etsinlər. Mən sərt tədbirlərin tərəfdarı deyiləm, anlayın, amma özümü necəsə qorumalıyam, yoxsa biznesimin axırı yaxşı olmaz. Məncə, bu, tam təbii istəkdir.

‒ Bəli, razıyam. Narahat olmaya bilərsiniz.

‒ Narahat olmaq kimi axmaq vərdişim yoxdur. Belə bir yerdə bu, mənasız və gülməli olardı…

O, başı ilə sağollaşıb yoluna davam etdi. Üç gündən sonra, camaşırxanada nahar fasiləsi zamanı o mənim yanımdan ötdü, nə bir söz dedi, nə də mənə tərəf baxdı. Amma fırıldaqçı qumarbazlara xas cəldliklə ovcuma pul basdı. Bu oğlan şəraitə çox tez uyğunlaşmağı bacarmışdı!

Çəkic artıq məndə idi. O düz bir gün mənim kameramda qaldı və bu alətin eynilə Endinin təsvir etdiyi kimi olduğunu gördüm. Əlbəttə, həmin alətin köməyi ilə buradan qaçmağın mümkünlüyünü düşünmək gülünc idi. Buna ən azı altı yüz il vaxt lazım gələrdi. Ancaq mən yenə də tərəddüd içində idim. Əgər çəkicin iti ucu nə vaxtsa kiminsə başına ensə, o yazıq bir də heç vaxt bizim gözəl həyətimizə gəzməyə çıxmayacaq… Mən artıq Endinin “bacılar”la problemi yarandığını eşitmişdim və çox ümid edirdim ki, çəkic onlar üçün nəzərdə tutulmayıb.

Ümidlərim özünü doğrultdu. Səhərisi, sübh tezdən, “qalx” komandasının səslənməsinə iyirmi dəqiqə qalmış mən çəkici Erniyə ötürdüm. Belə bir yaxşı oğlan vardı, 1956-cı ildə buradan gedənə qədər beşinci bölmənin dəhlizini süpürürdü. O, dinməzcə çəkici götürdü və mən növbəti on doqquz il ərzində Endinin bu alət vasitəsilə törətdiyi hər hansı xoşagəlməz hadisə barədə heç nə eşitmədim.

Növbəti bazar günü Endi həyətdə mənə yaxınlaşdı. Sizə deyim ki, yaman gündə idi. Alt dodağı partlayıb şişmişdi, ətrafı gömgöy göyərmiş sağ gözü ancaq yarıya qədər açılırdı, yanağı sıyrılmışdı. “Bacılar”la aralarındakı gərginlik davam edirdi, amma Endi bu barədə bir söz belə söyləmədi.

‒ Alətə görə təşəkkür edirəm, ‒ o bunu deyib aralandı.

Maraqla ona göz qoyurdum. O, bir neçə addım gedib dayandı, əyilib yerdən balaca daş götürdü. Sonra üstünün tozunu təmizləyib onu diqqətlə nəzərdən keçirdi. Həbsxana paltarında ciblər nəzərdə tutulmayıb. Amma vəziyyətdən çıxış yolu tapmaq hər zaman mümkündür. Daş paltarın qolunda gözdən itdi və Endi yoluna davam etdi…

Mən ona heyran qalmışdım. Problemlərindən şikayətlənmək əvəzinə o, sakitcə yaşamağa davam edir, həyatını mümkün qədər maraqlı etməyə çalışırdı. Ətrafda minlərlə insan hadisələrə bu cür münasibət bəsləməyə qadir deyil, özü də təkcə burada yox, həbsxana divarlarından kənarda da belədir. Onu da deyim ki, Endinin sifəti dünənki münaqişə nəticəsində eybəcər hala düşsə də, dırnaqları son dərəcə səliqəli və təmiz idi.

Növbəti altı ay ərzində onu nadir hallarda gördüm. Bu vaxtın çoxunu Endi təkadamlıq kamerada keçirdi.




V fəsil


İndi isə “bacılar” haqda bir neçə kəlmə deyim. Başqa həbsxanalarda belələrini ayrı cür adlandırırlar. Sonralar “canilərin kraliçaları” adı dəbə mindi. Amma Şauşenkdə onları həmişə “bacılar” çağırıblar. Sözün düzü, elə böyük fərq görmürəm. Necə adlandırılmasından asılı olmayaraq mahiyyət dəyişmir.

Həbsxana divarları arxasında sodomiyanın[5 - Sodomiya – qeyri-ənənəvi seksual davranış formalarını (insanla heyvan arasında, kişi ilə kişi arasında və s.) özündə ehtiva edən termin] çiçəklənməsi indi heç kim üçün sirr deyil. Burada təəccüblü heç nə yoxdur. Bir xeyli kişi uzun müddət təcrid olunmuş vəziyyətdə qalır və tələbatını ənənəvi üsulla ödəyə bilmir. Buna görə də azadlıqda yalnız qadınlarla münasibətdə olan çoxları aşıb-daşan istəklərindən başlarına hava gəlməsin deyə kişilərlə cinsi əlaqəyə girməyə məcbur olur. Ancaq mənim fikrimi bilmək istəsəniz, deyərdim ki, onlarda uşaqlıqdan buna meyil olub. Çünki onlar, özləri də dedikləri kimi, yalnız qarşı cinsin nümayəndələri ilə münasibətdə olmağı xoşlasaydılar, səbirlə azadlığa buraxılacaqları, arvadlarına və rəfiqələrinə qovuşacaqları günü gözləyərdilər.

Eyni zamanda bəxtləri gətirməyib cavan, qəşəng və ehtiyatsız olan xeyli kişi də var. Onları artıq həbsxanada yoldan çıxarıblar. Belələri, əsasən, qadın rolunu oynayırlar. Bu bədbəxtlərin tərəf-müqabilləri onların üstündə bir-biri ilə mübarizə aparırlar.

Bir də “bacılar” var. Həbsxana divarlarının o tayında “zorakı adam” kimə deyirlərsə, bu tayında da eyni təbiətli adamlara “bacı” deyirlər. Adətən, “bacılar” ağır cinayətlər – zorlama, qətl, qarət – törətdiklərinə görə uzunmüddətli cəza çəkənlərdir. Onların qurbanları isə, bir qayda olaraq, cavan, zəif və təcrübəsizlər, ya da Endi kimi kənardan belə görünənlər olur. “Bacılar”ın ov yerləri duşxana, camaşırxananın arxasındakı balaca hücrə, bəzən də tibb məntəqəsidir. Zorlama hadisələri dəfələrlə camaşırxananın anbarında, yaxud onun arxasındakı yardımçı otaq rolunu oynayan kiçik, dolab kimi darısqal bir yerdə baş verib. Çox vaxt “bacılar” istəklərinə zorla – gücləri çatırsa, yaxud xoşluqla nail olurlar: onların artıq yoldan çıxarılmış qurbanları, on altı yaşlı qızlar öz Sinatralarına, Preslilərinə, Redfordlarına vurulduqları kimi, tərəf-müqabillərinə məzəli şəkildə məftun olurlar. Ancaq “bacılar” istədiklərini zorla əldə etməkdən daha böyük zövq alırlar… Güman edirəm ki, bu, həmişə belə də olacaq.

Şauşenkə gəldiyi ilk gündən Endi “bacılar”ın diqqət mərkəzinə düşüb. Yəqin, səliqə-sahmanı, xoş zahiri görünüşü və tam daxili sakitliyi ilə onları özünə cəlb edib. Əgər mən sizə nağıl danışsaydım, deyərdim ki, Endi “bacılar”la uzun zaman mübarizə apardı və onlar arzularına çata bilmədilər. Mən belə demək istərdim. Amma həbsxana nağılların həqiqətə çevrildiyi yer deyil.

Birinci dəfə ona Şauşenkə gəlişindən üç gün sonra yaxınlaşıblar. Bununla, sadəcə, qüvvələrini sınamaq istəyiblər. Çaqqallar şikarlarını tutmazdan qabaq ətrafında dolanır, onun müdafiəsiz olduğuna əmin olmaq istəyirlər.

Endi qəfil çönüb “bacılar”dan birinin – Boqs Daymond adlı yekəpərin dodağını partlatmışdı. Gözətçi iş böyüməmiş onları ayırmışdı. Ancaq Boqs gec-tez Endini əlinə keçirəcəyinə söz vermiş və vədinə əməl etmişdi.

İkinci hadisə camaşırxananın arxasındakı yerdə baş vermişdi. Uzun illər ərzində bu tozlu, ensiz otaqda nələr baş verməmişdi ki? Gözətçilər hər şeyi çox gözəl bilir və hadisələrin öz axarı ilə getməsinə imkan yaradırdılar. Ora olduqca darısqal idi, yerdə paltaryuyan və ağardıcı toz qutuları, “Hekslayt” katalizatorlarının kisələri qalaqlanmışdı. Əgər əlləriniz qurudursa, bu katalizator duz qədər zərərsiz, yox, yaşdırsa, zəhərli turşu kimi təhlükəlidir. Gözətçılər balaca otağa girməyi xoşlamırdılar. Orada hərəkət etmək üçün yer yox idi. Bu qoçaqları isə işə götürəndə, ilk növbədə, tapşırırlar ki, məhbusların onları mühasirəyə ala biləcəkləri və ya qaçmaq imkanı olmayan yerlərə getməsinlər.

Həmin gün Boqs camaşırxanada deyildi. Ancaq 1922-ci ildən camaşırxana işçilərinin briqadasına rəhbərlik edən usta Henley Bakkas sonralar danışırdı ki, Boqsun dörd dostu var idi. Endi əlində bir kisə “Hekslayt” qapının ağzında dayanıb üstünə hücum çəkənlərə deyirmiş ki, yerindən tərpənən olsa, tozu gözünə tökəcək. Ancaq həmin gün bəxti ondan üz döndərmişdi. İri sellofan toz kisəsinin üstündə Endinin ayağı sürüşmüşdü və o yıxılmışdı. Dördü də o dəqiqə üstünə cummuşdu.

Yəqin ki, qrup şəklində zorlama kimi xoşagəlməz bir şey hələ neçə-neçə məhbus nəsli üçün dəyişilməz qalacaq. Həmin dörd “bacı” Endinin başına məhz bu oyunu açmışdı. Onu iri karton qutunun üstünə yıxmışdılar. “Bacılar”dan biri iti bıçağını Endinin gicgahına dayamışdı, qalanları da işlərini görmüşdülər.

Belə hadisələr sizin həyatınızı məcrasından çıxarır, amma uzun müddətə yox. Soruşa bilərsiniz ki, mən bunu öz təcrübəmə söykənib deyirəm? Belə olmadığını demək istərdim. Çox istərdim… Bir müddət qanınız axacaq, ancaq qanaxma güclü olmayacaq. Əgər həyətdə gəzişdiyiniz vaxt təlxəyin birinin sizə yaxınlaşıb toy gecəsinin necə keçdiyi barədə sual verməyini istəmirsinizsə, arxanıza tualet kağızı qoyub qan kəsənədək belə gəzmək lazımdır. Qanaxma qadın aybaşısını xatırladır, zəif olur və iki-üç gün davam edir. Sonra kəsir. Bəlli olur ki, sizə elə də böyük ziyan vurmayıblar. Heç bir fiziki zədə dəyməyib. Amma zorlama – zorlama olaraq qalır, sizə qarşı qeyri-təbii bir hərəkət ediblər və indən belə bununla necə yaşayacağınıza qərar verməlisiniz.

Endi bütün bunlardan təkbaşına keçmişdi. Həmin gün baş verənlərin əzabını da təkbaşına çəkmişdi. Onun vəziyyətinə düşən hər bir adam kimi o da belə qənaətə gəlmişdi: “bacılar”la ünsiyyətin iki yolu var – ya onlara təslim olursan, ya da mübarizəni davam etdirirsən.

O, mübarizə aparmaq qərarına gəlmişdi. Hadisədən bir həftə sonra Boqs dəstəsindən olan iki yaramazla birlikdə ona yaxınlaşanda Endi fikirləşmədən Ruster Makbrayd adlı birinin burnunun üstündən yapışdırmışdı. İri alt çənəsi və ensiz alnı olan bu fermer ögey qızını ölənə qədər döydüyünə görə bura düşmüşdü. Onun Şauşenkdən çıxmamış öldüyünü cəmiyyət üçün xoşbəxtlik hesab etmək olar.

“Bacılar”ın üçü də Endiyə hücum çəkmişdi. Ruster və daha biri (ola bilsin, bu, Pit Verness imiş, amma səhv də edə bilərəm) Endini diz çökdürmüşdülər. Boqs Daymond onun qabağında dayanmışdı. Boqsun əlində sədəf dəstəkli ülgüc var imiş. Dəstəyin hər iki tərəfində onun adı yazılıbmış. Boqs ülgücü əlində oynada-oynada demişdi:

‒ Bura bax, oğlan. İndi mən sənin ağzına bir şey verəcəyəm. Sonra mister Ruster də belə edəcək. Düşünürəm, sən bizi məmnun edəcəksən. Bir halda ki ehtiyatsızlıq edib Rusterin burnunu dağıtmısan, indi gərək necəsə bunun əvəzini ödəyəsən.

‒ Mənə verəcəyiniz hər şeyi həmişəlik itirəcəksiniz, ‒ Endi sakitcə cavab qaytarmışdı.

Həmin gün camaşırxanada olan Erni sonralar danışırdı ki, Boqs qarşısında ağlını itirmiş bir adam görürmüş kimi gözlərini Endinin üzünə zilləmişdi. Sonra isə tələsmədən – sanki qanmaz uşağa nəsə anlatmağa çalışır – demişdi:

‒ Yox, sən məni başa düşmədin. Əgər dartınmağa cəhd etsən, bu ülgücün dadını görəcəksən. İndi anladın?

‒ Mən sizi anladım. Amma qorxuram ki, siz məni anlamamısınız. Dedim ki, mənim ağzıma nə soxsanız, dişləyəcəm. Ülgücə gəldikdə isə, nəzərə almaq lazımdır ki, kəskin ağrı qurbanın qeyri-ixtiyari olaraq həm daldan, həm qabaqdan şalvarını batırmasına və… çənəsinin möhkəm qapanmasına gətirib çıxarır.

O, Boqsa baxıb özünəxas tərzdə, güclə sezilən istehza ilə gülmüşdü. Elə bil bu dəstə onu zorlamaq üçün yox, insan reflekslərini müzakirə etmək üçün yığışıbmış. Sanki iki pəzəvəng onu qollarından tutub anbarın çirkli döşəməsinə çökdürməyibmiş, Endi öz xoşuna, əynində yun dəst kostyum, boynunda qalstuk gəlib burada dizlərini yerə qoyubmuş.

‒ Yeri gəlmişkən, ‒ Endi sözünə davam edibmiş, ‒ eşitmişəm, bu refleks özünü elə güclü şəkildə büruzə verir ki, qurbanın çənəsini yalnız dəmir linglə aralamaq mümkün olur. Yoxlaya bilərsiniz, amma məsləhət görməzdim.

Boqs 1948-ci ilin həmin fevral gecəsində Endinin ağzına heç nə vermədən ondan əl çəkibmiş. Ruster Makbrayd da belə edibmiş.

Hərçənd üçlükdə Endini möhkəm əzişdirdiklərinə görə “bacılar”ı karserə salmışdılar. Endi ilə Ruster isə sonra tibb məntəqəsinə düşmüşdülər.

Bildiyimə görə, daha heç kim və heç vaxt belə bir eksperiment keçirməyə cürət etməyib.

Sonra bu uşaqlar istədiklərini Endidən almağa neçə dəfə cəhd göstəriblər? Bilmirəm. Amma onu bilirəm ki, Makbrayd həvəsdən tez düşdü: əzilmiş burnu bu cür əyləncələrə marağını öldürdü. Yayda Boqs Daymond da əl çəkdi.

Boqsun başına qəribə bir əhvalat gəldi. İyulun əvvəlləri idi. Bir gün səhər yoxlama zamanı o gəlib çıxmadı. Boqsu öz kamerasında yarıhuşsuz, möhkəm döyülmüş vəziyyətdə tapdılar. Boqs nə baş verdiyini, kimlər tərəfindən döyüldüyünü, kənar adamların onun kamerasına necə girdiklərini demədi, amma mənim üçün hər şey aydın idi. Gözəl bilirdim ki, müəyyən məbləğ qarşılığında mühafizəçi zabit sizə hər cür xidmət göstərər. Bəlkə, bircə silah satmaz. Böyük pul tələb olunmurdu, elə indinin özündə də qiymətlər baha deyil. O vaxtlar həbsxananın hər küncünü nəzarətdə saxlayan elektron sistem, gizli kameralar yox idi. Həmin illərdə, o cümlədən 1948-ci ildə əlində bütün bölmə və yaşayış kameralarının açarları olan gözətçi kimi istəsən içəri buraxa bilərdi. Hətta iki-üç adamı da buraxardı. Hətta Boqsun kamerasının qapısını da onların üzünə açardı.

Əlbəttə, bizdə qiymətlər həbsxananın hüdudlarından kənarda mövcud olan dünyanın standartlarına görə çox baha sayılmırdı. Amma bir şey də var ki, burada əlinizdə olan bir dollar azadlıqdakı iyirmi dollara bərabərdir. Mənim hesablamalarıma görə, Boqsun başına belə oyun açmaq çox da ucuz başa gəlməzdi. Bölmə və kameranın qapısını açmaq üçün əlli dollar, dəhlizdəki gözətçilərin də hərəsinə bir-iki dollar vermək lazım idi.

Mən bu işdə Endi Düfresnin əli olduğunu iddia etmirəm, amma onun içəri beş yüz dollar gətirdiyini bilirəm. Özü də əvvəllər bankda işləyib. Belə adam pulu gerçək hakimiyyətə çevirməyin yollarını hamıdan yaxşı bilir. Boqs döyüləndən sonra – onun üç qabırğası qırılmış, gözü partladılmış, omba sümüyü yerindən oynamış, bir də, deyəsən, yumşaq yerində problemlər yaranmışdı – Endidən əl çəkdi. Demək lazımdır ki, o hamıdan əl çəkdi: çox hürən, amma dişləməyən, tükü tökülmüş sandıqtulalarına oxşamağa başladı və “zəif bacılar” sinfinə keçdi.




VI fəsil


Boqs Daymondun həyasız iddiaları beləcə sona çatdı. Əgər Endi ehtiyat tədbirləri görməsə idi, bu adam onu öldürə də bilərdi. Mənim fikrimcə, Daymondun başına gətirilən işdə Endinin əli var idi. “Bacılar”la bağlı əhvalat səngisə də, bununla bitmədi. Çaqqallar asan ovlaya biləcəkləri şikar axtarırdılar, Endi Düfresn isə özünü bu rola uyğun gəlməyən bir adam kimi göstərmişdi. Ətrafda qurbanlıq xeyli başqa adamlar var idi və “bacılar” uzun müddət Endidən birdəfəlik əl çəkmək istəməsələr də, ona olan maraqlarını azaltdılar.

Xatırladığıma görə, Endi onlarla daim mübarizə aparıb. Bircə yol onlara döyüşsüz təslim olsanız, növbəti dəfə özlərini daha inamlı hiss edəcəklər. Mövqenizi əldən verməməlisiniz. Endi hərdən adam içində üzü göyərmiş halda peyda olurdu. “Daymond əhvalatı”ndan yarım il sonra “bacılar”la növbəti görüş nəticəsində onun iki barmağı sınmışdı. 1949-cu ildə isə parçaya bükülmüş dəmir boru ilə vurulduqdan sonra tibb məntəqəsində xeyli istirahət etməli olmuşdu. O, daim mübarizə aparmış və vaxtının xeyli hissəsini karserdə keçirmişdi. Ancaq Endi hətta cəmiyyət içində də özü ilə təkbətək qalmağa öyrəşmiş adam idi, ona görə, düşünmürəm ki, karser onun üçün ciddi narahatlıq yarada bilərdi.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/stiven-king/sausenkd-n-qacis-68289547/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Franklin Ruzveltin (1882–1945) prezidentliyi (1933–1945) dövründə ABŞ-da yaradılan federal agentliklər uzun adlarının baş hərfləri ilə tanınırdılar. Buna görə onlara “Əlifba agentlikləri” deyirdilər. Agentliklərin sayının həddən çox olması idarəçilikdə qarışıqlıq törədirdi və “əlifba hörrəsi” ifadəsi də buna işarə olaraq meydana gəlmişdi.




2


Penni – ingilis funt-sterlinqinin yüzdə birinə bərabər pul vahidi




3


Rita Heyvort (ing. Rita Hayworth, 1918–1987) – Amerika kino aktrisası və rəqqasəsi, 1940-cı illərdə ən məşhur Hollivud ulduzlarından biri




4


Con Kyu Pablik – orta amerikalının ləqəbi




5


Sodomiya – qeyri-ənənəvi seksual davranış formalarını (insanla heyvan arasında, kişi ilə kişi arasında və s.) özündə ehtiva edən termin



Arvadının və onun sevgilisinin qətlinə görə məhkumluq həyatı yaşayan bankirin qeyri-adi hekayətindən bəhs edən bu kitabı həyəcansız oxumaq mümkün deyil.

Как скачать книгу - "Şauşenkdən qaçış" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Şauşenkdən qaçış" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Şauşenkdən qaçış", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Şauşenkdən qaçış»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Şauşenkdən qaçış" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Видео по теме - Esaretin Bedeli 1994   Türkçe Dublaj Full HD

Книги серии

Книги автора

Аудиокниги автора

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *