Книга - İfşa edilmiş fırıldaqçı

a
A

İfşa edilmiş fırıldaqçı
Frans Kafka


XX əsrin ən görkəmli almandilli, yəhudi əsilli yazıçısı Kafkanın absurd, ətraf dünya və ali qüvvə qarşısında qorxu dolu, oxucuda narahat hislər oyadan əsərləri dünya ədəbiyyatında nadir hadisədir.

Kafka sağlığında yaradıcılığında damla hesab edilə biləcək cəmi bir neçə qısa hekayə çap etdirmişdi. Yazdığı romanlar sonradan nəşr edilməsə idi, o, yazıçı kimi heç kimin diqqətini cəlb etməyəcəkdi. Ölümündən qabaq Kafka dostu Maks Broda bütün yazdıqlarını yandırmağı tapşırır. Maks bu vəsiyyətə əməl etməyərək, demək olar ki, Kafkanın yazdıqlarının əksəriyyətini çap etdirir. Beləcə, Kafka tanınmağa və məşhurlaşmağa başlayır.





Franz Kafka

İfşa edilmiş fırıldaqçı





Müxtəlif illərdə yazılmış novellalar və hekayələr





I

BİR MÜBARİZƏNİN TƏSVİRİ


Geyinib-keçinmiş insanlar
Çınqıl yolda səndələyərək gəzərlər,
Başlarının üzərində nəhəng göy üzü,
Uzaqdakı təpələrdən
Uzaq təpələrə uzanar.


Saat on iki radələrində bir neçəsi ayağa qalxıb, bir-birinə təzim edib, bir-birlərinin əlini sıxdılar, çox yaxşı idi dedilər, sonra geyinmək üçün böyük qapının boşluğundan dəhlizə keçdilər. Ev sahibəsi otağın ortasında dayanıb, tez-tez başını tərpədərək salam verir, incə qatları olan donunun ətəyi sağa-sola yellənirdi.

Mən kiçik masanın arxasında oturmuşdum, – masanın üç nazik, uzunsov ayağı vardı, – benediktin likörü süzülmüş üçüncü qədəhim idi ki, qurtum-qurtum içir, özüm seçib boşqabıma yığdığım nəfis və dadlı şirniyyatlara baxırdım.

Bu zaman yeni tanışım mənə tərəf yaxınlaşdı və mənim nə ilə vaxt keçirdiyimə baxıb dalğın-dalğın gülümsəyərək titrək səslə dedi:

– Sizin yanınıza gəldiyim üçün məni bağışlayın. Bayaqdan bəri sevgilimlə qonşu otaqların birində oturmuşdum. On birin yarısından bu yana, əslində çox da deyil. Bilirəm, bunları sizə demək yersizdir, bağışlayın məni. Axı, biz bir-birimizi yaxşı tanımırıq, elə deyilmi? Bir az bundan əvvəl pilləkəndə rastlaşmışıq və bir-birimizə iltifat göstərib, bir-iki kəlmə kəsmişik, vəssalam. Mənsə sizə öz sevgilim haqqında danışıram, amma nə olar, məni bağışlayın, xoşbəxtliyimi içimdə saxlaya bilmirəm, naəlac qaldım. Ürəyimi aça biləcəyim başqa tanışım yoxdur burada…

Ağzımdakı meyvəli tort dadsız olduğu üçün məyus halda ona baxdım və onun xoş bir qırmızılığa bürünmüş üzünə doğru dedim:

– Əlbəttə, sizə etibarlı bir adam kimi görünməyim məni sevindirdi, amma mənə ürəyinizi açmağınız xoşuma gəlmədi. Belə çaşqın halda olmasaydınız, təkbaşına oturub içki içən birinə sevdiyiniz qız haqqında danışmağın nə qədər yersiz olduğunu özünüz də hiss edərdiniz.

Bunları demişdim ki, o birdən stulda əyləşib arxaya söykəndi, əllərini bir-birinə keçirib aşağı saldı. Sonra qollarını sinəsində çarpazlayıb, sanki öz-özü ilə danışırmış kimi bərkdən dedi:

– Biz otaqda ikimiz idik… Annerl ilə… Mən onu öpdüm… öpdüm onu… dodaqlarından… qulağından… çiyinlərindən öpdüm.

Yaxınlıqda dayanmış və nə barədəsə qızğın söhbət etdiyimizi düşünən bir neçə kişi əsnəyə-əsnəyə bizə yaxınlaşdı. Buna görə də ayağa qalxıb, hamının eşidə biləcəyi bir səslə dedim:

– Yaxşı, madam ki, istəyirsiniz, sizinlə gedirəm. Amma bilin ki, bu qış günü, üstəlik gecə vaxtı Laurenziberqə[1 - Bir təpənin adı] çıxmaq axmaqlıqdır. Şaxta düşüb, yerdə bir az qar da var, yollar isə sürüşkəndir. Amma istəyirsinizsə, sizinlə gedərəm.

O əvvəlcə təəccüblə mənə baxdı və qırmızı, nəmli dodaqlarını aralayıb ağzını açdı. Amma sonra lap yaxına gəlmiş kişiləri görüb güldü və ayağa qalxıb dedi:

– Yox, yox, soyuq havanın xeyri var, paltarımıza da istilik və tüstü hopub. Düzdür, mən bir az sərxoş olsam da, çox içməmişəm… hə, sağollaşıb gedə bilərik.

Ev sahibəsinə yaxınlaşdıq, tanışım onun əlini öpdükdə qadın dedi:

– Həmişə qaşqabaqlı görünsəniz də, bu gün üzünüzdən sevinc yağır, doğrusu, çox sevindim.

Bu sözlərdəki mehribanlıq tanışımı mütəəssir etmişdi, odur ki, ev sahibəsinin əlini bir dəfə də öpdü; qadın gülümsədi.

Dəhlizdə xidmətçi qız dayanmışdı, ilk dəfə idi, onu görürdük. Paltolarımızı verdi, sonra pilləkənə işıq salmaq üçün fənər götürdü. Gözəl qız idi. Boynu çılpaqdı, sadəcə çənəsinin altına qara məxmər lent sarınmışdı; qabaqda yeriyib, fənərlə pilləkəni işıqlandırarkən, geniş paltarının içindəki bədəni zərif şəkildə əyilib-düzəlirdi. İçdiyi şərabdan yanaqları allanmışdı, fənərin zəif işığında dodaqları titrəyirdi.

Pilləkənin aşağısına çatdıqda fənəri pillələrdən birinin üstünə qoyub tanışıma sarı addımladı, onu qucaqlayıb öpdü və qolları arasından buraxmadı. Ancaq mən onun ovcuna bəxşiş pulu qoyanda yuxulu-yuxulu qollarını tanışımdan ayırdı və tələsmədən giriş qapısını açıb, bizi gecənin qaranlığına ötürdü.

Eyni dərəcədə işıqlandırılmış boş küçəsinin üstündə bir az buludlu və bu səbəbdən daha geniş görünən göy üzündə nəhəng bir ay vardı. Donmuş qar sürüşkən olduğundan, yalnız kiçik addımlarla yerimək mümkün idi.

Küçəyə çıxan kimi əməlli-başlı gümrahlaşdım. Ayaqlarımı yerə döyür, barmaqlarımı şaqqıldadırdım. Kiminsə adını bərkdən qışqırdım, sanki bir dostum məndən qaçıb tində gizlənmişdi; tullanaraq papağımı havaya atdım və lovğa bir hərəkətlə yenidən tutdum.

Tanışım təmkinini pozmadan mənimlə yanaşı yeriyirdi. Başını aşağı əymişdi, dinib-danışmırdı.

Bu mənə qəribə gəldi, çünki onu evdəki qələbəliyin içindən çıxarır-çıxarmaz sevincindən havalanacağını düşünmüşdüm. İndi də mən bir az ağır olmaq istədim, sakitləşdim. Təsəlli vermək üçün əlimi onun çiyninə vurmağa hazırlaşırdım ki, birdən bunu anlamayacağını düşünüb geri çəkdim. Əlim hələlik mənə lazım olmadığından, onu paltomun cibinə soxdum.

Beləcə, dinib-danışmadan yeridik. Addımlarımızın çıxardığı səsə qulaq verir, tanışımla nə üçün ayaqlaşa bilmədiyimi başa düşmürdüm. Bu məni bir az həyəcanlandırırdı. Hava açıq idi, Ay işığında hər şey aydın görünürdü. Bəzi evlərdə pəncərədən baxıb, bizə tamaşa edirdilər.

Ferdinand küçəsinə gəlib çatdıqda, gördüm ki, tanışım hansısa melodiyanı zümzümə etməyə başlayıb; lap astadan, amma mən eşidirdim. Bunu özümə həqarət saydım. Axı, o niyə mənimlə danışmırdı? Mənə ehtiyacı yox idisə, nə üçün sakitliyimi pozdu? Likörü, dadlı şirniyyatları masanın üzərində qoyub gəldiyimə peşman olmuşdum. Bu gəzinti üçün can atan mən deyildim. İstəsəydim, çıxıb təkbaşına gəzə bilərdim. Amma qonaq getmiş, nankor bir gənci rüsvay olmaqdan qurtarmışdım, indi də ay işığında gəzirdim. Bütün günü iş başında, axşam qonaqlıqda, gecə də küçələrdə, yeni heç nə yox. Həddini aşmış təbii həyat tərzi!

Amma tanışım hələ də arxada gəlirdi, hətta geridə qaldığını görüb addımlarını yeyinlətdi və özünü elə apardı ki, guya bu təbii bir haldır. Mənimsə qonşu küçələrin birinə burulsam, bu daha yaxşı olmazmı fikri ağlımdan keçdi; axı, onunla birlikdə gəzməyə borclu deyildim. Evə tək də gedə bilərdim və heç kim mənə mane ola bilməzdi. Otağıma girən kimi masanın üstünə qoyulmuş dəmir ayaqlı lampanı yandırar və köhnə şərq xalçasının üstündəki kresloya yayxanardım… Evə getmək haqqında hər dəfə düşünərkən məni caynağına keçirən həmişəki süstlük yenə bütün bədənimə yayıldı. Yaxşı, bəs sonra? Sonra… rənglənmiş divarlar arasında və arxa divardakı qızılı çərçivəli aynada əyri şəkildə əks olunan döşəmə üzərində tək başıma saatlar keçirərdim.

Ayaqlarım yorulmuşdu, evə gedib yatağıma uzanmağa qərar vermişdim ki, ayrılarkən tanışımla sağollaşımmı, sağollaşmayımmı deyə tərəddüd etdim. Amma sağollaşmadan getməyimə ürkəkliyim, səsimi ucaldaraq sağollaşmağıma isə yorğunluğum mane olurdu. Buna görə də dayandım, Ay işığı düşən bir evin divarına söykənib gözləməyə başladım.

Tanışım yeyin addımlarla mənə yaxınlaşdı, bir az qayğılı görünürdü. Başını mən tərəfə çevirib, gözlərini qırpdı, elə bil nəsə demək istəyirdi.

– Nə var, nə olub? – deyə soruşdum.

– Heç… Dəhlizdə məni öpən xidmətçi qız barədə fikrinizi soruşacaqdım. Görəsən, bu qız kimdir? Onu əvvəllər görmüsünüzmü? Yox? Mən də. Görəsən, doğrudanmı xidmətçidir? Bunu bayaq pilləkənlə düşərkən sizdən soruşacaqdım.

– Əllərinin qırmızı olduğunu görən kimi xidmətçi olduğunu anladım. Bəxşiş pulunu ovcuna qoyanda isə dərisinin sərt olduğunu hiss etdim.

– Doğrudur, dərisinin sərtliyi çoxdan xidmətçi işlədiyini göstərir.

– Bəlkə də, haqlısınız. Zəif işıqda hər şeyi aydın seçmək mümkün olmur. Amma yaşlı subay qıza oxşayırdı.

– Mən belə deməzdim.

– Nə bilim, gecdir artıq, sabah işə getməliyəm, işdə isə yatmaq olmaz, – belə deyib sağollaşmaq üçün əlimi uzatdım.

O əlimi sıxıb dərhal buraxdı və dedi:

– Əliniz çox soyuqdur, qızın dodaqları isti idi.

Başımı tərpədib, tanrıdan mənə səbir verməsini istəyərək dedim:

– Haqlısınız, amma gecdir, yatmaq vaxtıdır, evə getmək lazımdır.

– Yatmaq? Belə bir gecədə yatmaq olar? Düşünün bir, insan təkbaşına yatağa uzandıqda, nə qədər xoşbəxt arzular yorğanın altında boğulub ölür və və nə qədər bədbəxt yuxular canlanır?

– Nə xoşbəxt arzularım, nə də bədbəxt yuxularım var.

Pencəyimin yaxalığından tutub silkələdi, sonra gözlərini qıyıb astadan dedi:

– Bilirsiz nə var? Siz çox gülməlisiniz!

Və yoluna davam etdi, mənsə özüm də bilmədən onun ardınca getdim, çünki dediyi sözlər beynimi qarışdırmışdı.

Bu əvvəlcə məni sevindirdi, çünki məndə bir şeyin varlığını təxmin etmişdi, hərçənd təxmin etdiyi şey məndə olmasa da, tanışımın var zənn etməsi məni onun gözlərində ucaldırdı. Bu cür münasibətdən şad olmuşdum. Evə getmədiyim üçün sevinirdim, tanışım gözümdə çox qiymətli bir insana çevrilmişdi, çünki layiq olmadığım halda mənə digər insanların qarşısında dəyər verə bilərdi! Tanışımı mehriban baxışlarla süzürdüm. Onu təhlükələrdən, xüsusən də rəqib və qısqanclardan qoruduğumu düşünürdüm. Onun həyatı indi mənim üçün öz həyatımdan da qiymətli olmuşdu. Gözəl çöhrəsi vardı; qadınların qəlbini fəth etdiyi üçün qürur duyurdum, axı bu axşam iki qızdan aldığı öpüşlərin mən də şahidi olmuşdum. Hə, çox nəşəli axşam idi!

Sabah freyleyn Anna ilə danışacaq tanışım; əvvəlcə, adi şeylər haqqında söhbət edəcəklər, sonra o özünü saxlaya bilməyib birdən deyəcək: “Anna, dünən gecə elə bir adamla vaxt keçirdim ki, əzizim, sən ömründə bu cür birinə rast gəlməyibsən. Bilirsən, nəyə oxşayırdı; necə səni başa salım, elə bil, yuxarısına sarı dərili, qara tüklü baş keçirilmiş sağa-sola yellənən uzun çubuq idi. Bədəni çox sayda sarımtıl ipək parçacıqlarla örtülmüşdü, dünən gecə hava küləksiz olduğu üçün bu parçacıqlar tərpənmirdi. Mənim yanımda ürkək-ürkək yeriyirdi. Anna, əzizim, sən yəqin ki, bir az gülər, bir az da qorxardın, mənsə səndən başqa heç kəsi fikirləşmirdim, bütün qəlbim səninlə idi, buna görə də onun kimi bir adama rast gəldiyim üçün hətta sevinirdim. Bəlkə də, taleyi gətirməyib, bədbəxtdir, bu səbəbdən susurdu, amma onun yanında daim xoş bir narahatlıq hiss edirsən. Öz xoşbəxtliyimə o qədər aludə olmuşdum ki, hətta səni də az qala unudacaqdım. O hər dəfə yastı sinəsi ilə nəfəs aldıqda, sanki ulduzlu səmanın enib-qalxdığını görürdüm. Göy üzünün ənginlikləri birdən-birə aydınlaşırdı. Elə bilirsən, şişirdirəm, Anna, yox, ruhuma and olsun, yox! Amma sənin öpüşlərin mənim üçün bütün ənginliklərdən əzizdir, Anna. Gəl öz sevgimizdən danışaq!”.

Yavaş-yavaş yeriyərək sahilyanı küçəyə çıxdıqda, tanışıma öpüşlərə görə həsəd aparsam da, bunları Annaya dedikdə, yəqin ki, gizlicə xəcalət çəkəcəyi üçün sevinirdim.

Lakin o an düşüncələrim bir-birinə qarışırdı, çünki qarşı sahildəki Vltava və şəhər məhəllələri zil qaranlığa bürünmüşdü. Yalnız bir neçə işıq bərq vuraraq, onlara baxan gözlərlə oynayırdı.

Bəndin yanında dayandıq. Əlcəklərimi əlimə keçirdim, çünki suyun soyuqluğu sahildə də hiss olunurdu. Sonra gecə çay qırağında çoxlarının etdiyi kimi, heç bir səbəb olmadan dərindən köks ötürdüm və yoluma davam etmək istədim. Amma tanışım suya baxır və qımıldanmırdı. Bir az sonra sahildəki sürahiyə (məhəccər) yaxınlaşıb, dirsəklərini dəmirə söykədi və alnını ovuclarına qoydu.

Bunun axmaqlıq olduğunu düşündüm. Üşüyürdüm, paltomun yaxalıqlarını qaldırdım. Tanışım birdən dikəldi, sürahidən (məhəccər) tutmuş gərgin əllərinə dayaq verərək gövdəsini irəli uzatdı. Bu narahat sükutu pozmaq üçün utana-utana dedim:

– Qəribədir, yalnız gecələr öz xatirələrimizə qərq ola bilirik, elə deyilmi? Bilirsən, indi nə yadıma düşdü? Bir dəfə çayın sahilindəki skamyada başımı arxaya söykəyib oturmuşdum. Qarşı sahilin dumanlı təpələrinə baxırdım; sahidəki oteldən incə skripka səsi gəlirdi. Arabir hər iki sahildən ağappaq tüstülü qatarlar keçib-gedirdi.

Beləcə, bu sözləri deyərkən, maraqlı eşq əhvalatlarını xəyalıma gətirərək danışırdım; bir az kobudluq, qətiyyət və zorakılıq da qata bilərdim.

Amma sözümə təzəcə başlamışdım ki, tanışım birdən çevrilib, məni hələ də burada gördüyünə təəccüblənərək, – mənə belə gəldi, – dedi:

– Bilirsinizmi, həmişə belə olur. Bu gün qonaq getməzdən əvvəl, axşamcağı bir gəzmək istədim, pilləkənlə aşağı düşəndə əllərimin ağ manjetlər içində necə sağa-sola yelləndiyini görüb təəccübləndim; elə qəribə şəkildə yellənirdilər ki. Bildim ki, başıma macəralar gələcək. Gəldi də. Həmişə belə olur.

Son sözlərini yeriyə-yeriyə, dilucu dedi. Amma bu mənə çox toxundu, məyus oldum, bəlkə də uzun boyum onun xoşuna gəlməmişdi, çünki mənim yanımda lap cırtdana oxşayırdı. Gecədən xeyli keçsə də və demək olar ki, heç kəslə rastlaşma-saq da, bu vəziyyət məni o qədər narahat etdi ki, əllərim dizlərimə dəyənə qədər belimi bükdüm. Lakin tanışım niyyətimi başa düşməsin deyə, yerişimi tədricən, ehtiyatla dəyişdim, diqqətini üzərimdən yayındırmağa çalışdım, əlimi uzadıb ona Atıcılar adasındakı ağacları və körpünün çayda əks olunan işıqlarını göstərdim. Amma tanışım birdən üzünü mənə sarı çevirib təmkinlə dedi:

– Bu nədir, nə üçün ikiqat olub yeriyirsiniz? Mənimlə eyni boyda olmusunuz.

– Ola bilər, – deyə cavab verdim. – Amma bu mənim xoşuma gəlir. Bilirsinizmi, mən zəifəm, çox çətinliklə dik dayanıram. Axı, uzundrazam…

O bir az şübhə ilə dedi:

– Yox, sadəcə şıltaqlıq edirsiniz. Məncə, bir az əvvəl dikəlib yeriyirdiniz, elə qonaqlıqda da dik dayanmışdınız. Deyəsən, rəqs də edirdiniz? Yox? Amma dik yeridiyinizi dəqiq bilirəm, bunu ində də bacararsınız.

Mən hirslə cavab verdim:

– Hə, elədir, mən dik yeriyirdim. Amma siz məni qiymətləndirmirsiniz. Yaxşı davranışın nə olduğunu bilirəm, buna görə də ikiqat olub yeriyirəm.

Lakin bu onun üçün adi bir şey deyildi, xoşbəxtlikdən beyni dumanlandığına görə sözlərimi başa düşməmişdi və yalnız bunu deyə bildi:

– Necə istəyirsiniz, – və Dəyirman qülləsindəki saata baxdı, birə az qalmışdı.

Mənsə öz-özünə deyindim: “Bu nə zalım adamdır! Mənim sözlərimə qətiyyən əhəmiyyət vermir! O xoşbəxtdir, vəssalam, xoşbəxt insanlar həmişə belə olur, ətrafda baş verən hər şeyi təbii hesab edirlər. Xoşbəxtlik onlara hər şeydə gözəl bir səbəb tapmağa imkan verir. Əgər indicə suya tullansaydım, ya da onun qarşısında yerə uzanıb qıvrılsaydım, bunlar tanışımın xoşbəxt dünyasında təbii hal kimi görünəcəkdi. Əgər onu başa salmağa çalışsaydım, – şübhəsiz, xoşbəxt insanlar o qədər təhlükəlidir ki, – o məni bir quldur kimi öldürərdi. Buna heç bir şübhə ola bilməz, mənsə qorxaq idim və qorxumdan qışqırmağa da cürətim çatmırdı… Aman allah!”.

Qorxu içində ətrafıma boylandım. Uzaqda qara şüşəli qəhvəxananın qarşısında bir polis səkinin üstündə sürüşürdü. Qılıncı maneçilik etdiyi üçün onu əlinə aldı və daha rahat sürüşməyə başladı. Uzaqdan onun sevinc içində necə çığırdığını eşidirdim, buna görə də tam əmin oldum ki, əgər tanışım məni öldürmək istəsə, özündən başqa heç kəsi görüb-eşitməyən bu polis məmuru məni xilas etməyəcək.

Amma indi nə edəcəyimi dəqiq bilirdim, çünki hər hansı bir qorxunc hadisədən əvvəl mən həmişə qətiyyətli oluram. Qaçacaqdım. Bu çox asan idi. Bir azdan o sola, Karl körpüsünə tərəf dönərkən, mən də sağa, Karl küçəsinə burulacaqdım. Küçə əyri-üyrüydü, qaranlıq döngələrlə, indiyə qədər açıq olan pivəxanalarla dolu idi; ümidimi itirməməliydim.

Sahil küçəsinin axırına çatıb, tağın altından keçər-keçməz əllərimi yuxarı qaldırıb həmin küçəyə tərəf götürüldüm. Amma kilsənin kiçik qapısı önündə yıxıldım, gözləmədiyim halda ayağım pilləyə ilişmişdi. Gurultu ilə yerə dəydim. Küçə fənəri uzaqda olduğundan, qaranlıqda uzanıb qalmışdım. Qarşı tərəfdəki pivəxanadan küçədə nə baş verdiyini öyrənmək üçün əlində hisli lampa tutmuş gombul bir qadın çıxdı. Pianonun səsi kəsildi və bir kişi pivəxananın yarıaçıq qapısını taybatay açdı. Sonra hayxırıb küçəyə tüpürdü; qadını bərk-bərk qucaqlayaraq, “Heç nə olmayıb, əzizim” dedi. Dönüb içəri girdilər, qapı yenidən bağlandı.

Qalxmaq istədim, amma yenə yerə dəydim. “Yer şüşə kimi buz bağlayıb!” – öz-özümə deyindim və dizimdə ağrı hiss etdim. Digər tərəfdən, pivəxanadakıların məni görmədiyinə sevinirdim, çünki hava işıqlanana qədər burada rahatca uzanıb qala bilərdim.

Tanışım yəqin ki, mənim yoxa çıxdığımı hiss etmədən körpüyə qədər getmişdi, çünki xeyli müddətdən sonra gəlib çıxdı. Mənə yazığı gəldiyi üçün aşağı əyilib yumşaq əllərini üzərimdə gəzdirdi. Əlini gicgahıma sürtdü, sonra alnıma qoydu.

– Əzildiniz, hə? Yer buz bağlayıb, ehtiyatlı olmaq lazımdır… Başınız ağrıyır? Yox? Hə, demək diziniz…

Tanışımın səsi o qədər ahəngdar idi ki, elə bil, kiminsə dizindəki ağrı haqqında xoş bir əhvalat danışırdı. Əllərini tərpətsə də, məni ayağa qaldırmağı ağlından belə keçirmirdi. Başımı sağ əlimə söykədim, – dirsəyimi daşın üstünə qoymuşdum, – və nə söyləyəcəyimi unutmamaq üçün bunları tələsə-tələsə dedim:

– Bilmirəm, sağ tərəfə nə üçün qaçdım. Amma bu kilsənin qarşısından, – bağışlayın, kilsənin adını bilmirəm, – balaca bir pişik qaçdığını gördüm, tükləri ağappaq idi, elə buna görə də diqqətimi cəlb etdi… Amma yox, məsələ bunda deyil, bağışlayın, insanın bütün günü özünü idarə edə bilməsi çox çətindir. Elə buna görə də yatıb, bu ağır iş üçün güc toplayırıq, əgər yatmasaq, başımıza tez-tez qəribə hadisələr gələr. Amma tanışlarımızın bu hala açıq-aşkar təəccüblənməsi də nəzakətsizlik olar.

Tanışım əllərini ciblərini salmışdı; əvvəlcə boş körpüyə, sonra Seminar Kilsəsinə, daha sonra isə başını qaldırıb aydın səmaya baxdı. Mənə qulaq asmadığı üçün dalğın halda soruşdu:

– Axı, niyə danışmırsınız, əzizim? Özünüzü yaxşı hiss etmirsiniz?… Axı, nə səbəbə ayağa qalxmırsınız? Bu şaxtada burada qala bilməzsiniz, xəstələnərsiniz, həm də biz Laurenziberq təpəsinə çıxmayacaqdıq?

– Əlbəttə, bağışlayın, – dedim və şiddətli ağrı hiss etsəm də, özüm dikəlib ayağa qalxdım. Səndələyirdim, müvazinətimi itirib yıxılmamaq üçün sağa-sola baxmadan gözlərimi Dördüncü Karlın heykəlinə dikdim. Lakin ay işığı oynaq olduğundan Dördüncü Karlı da hərəkətə gətirmişdi. Təəccübləndim və səndələməyə davam etsəm, Dördüncü Karlın da yıxılacağından qorxdum və buna görə də dabanlarımı yerə möhkəm basdım. Amma sonra səylərimin heç bir faydası olmadı və gözəl ağ donlu bir qızın məni sevdiyini düşündüyüm an Dördüncü Karl da yıxıldı.

Mən əbəs yerə canfəşanlıq edirəm və çox fürsətlər qaçırıram. Qız barədə düşünmək nə xoşbəxt anlar idi!.. Ay da mərhəmət göstərib məni işıqlandırmışdı, təvazökarlıqdan gedib körpü qülləsinin tağı altında dayanacaqdım ki, ayın hər şeyi işıqlandırmasının təbii olduğunu düşündüm. Buna görə də Ay işığından əməlli-başlı zövq alaraq əllərimi ovuşdurdum… Yadıma bir şeir düşdü:

Sərxoş çapar kimi
Havanı tapdalayaraq
Küçələrdə çapırdım.

Və süst qollarımla üzmə hərəkətləri edərək, çətinlik çəkmədən, ağrısız-acısız irəli getməyə başladıqda bir az yügülləşdim. Sərin havada başım dinclik tapmışdı, ağ libaslı qıza duyduğum sevgi isə məni kədərləndirirdi, sanki dumanlı dağların ətəyindən və sevgilimdən ayrılıb üzürdüm… Birdən nifrət etdiyim xoşbəxt bir tanışım yadıma düşdü, – bəlkə də o indi mənimlə yanaşı addımlayırdı, – və yaddaşımın bu qədər yaxşı olduğu və hətta əhəmiyyətsiz təfərrüatları da xatırladığım üçün sevindim. Axı, yaddaşın yükü böyükdür. Birdən ulduzların adını bilməyə başladım, hərçənd onların haqqında heç bir şey oxumamışdım. Bəli, bunlar maraqlı adlar idi, çətinliklə yadda qalırdı, amma mən bunların hamısını çox dəqiq bilirdim. Şəhadət barmağımı yuxarı qaldırıb, ulduzların adını ucadan sadalamağa başladım… Lakin bu çox çəkmədi, çünki daha dərinə qərq olmağı istəmirdimsə, üzməyə davam etməliydim. Amma sonralar səkidə hər kəsin üzə biləcəyini və bu barədə danışmağın yersiz olduğunu demələrini istəmədiyim üçün, gücümü toplayıb körpü məhəccərlərindən yuxarı yüksəldim və qarşıma çıxan hər övliya heykəlinin ətrafında dövrə vurdum… Beşinci heykəlin yanında qollarımla havanı qulaclayıb, özümü səkinin üzərində saxlamağa çalışdığım zaman tanışım əlimdən tutdu. İndi mən yenə səkidə dayanmışdım və dizimin ağrıdığını hiss edirdim. Ulduzların adını unutmuşdum, o sevimli qız haqqında isə yalnız bu yadımda qalmışdı ki, onun əynində ağ paltar vardı, amma onun sevgisinə inanmaq üçün əlimdə hansı əsaslar olduğunu heç cür xatırlaya bilmirdim. Bu qızı itirəcəyimə görə öz yaddaşıma və ürkəkliyimə acığım tutdu. Və “ağ don, ağ don” deyə ara vermədən təkrarlamağa başladım ki, heç olmasa bu əlamətin köməyi ilə qızı yaddaşımda saxlaya bilim. Amma bu da kömək etmədi. Tanışım danışa-danışa daha yaxına gəlmişdi; onun sözlərini anlamağa başladığım anda ağ bir şey körpünün məhəccərləri boyunca sürətlə şığıyıb, qülləni keçərək qaranlıq küçəyə daldı.

– Həmişə, – müqəddəs Lyudmilanın heykəlini göstərərək dedi, – həmişə bu soldakı mələyin əllərinə heyran olmuşam. Görün necə zərif əlləri var! Bu axşam mən bu cür incə əlləri öpmüşəm.

Məni qucaqladı, paltarımı öpdü və başını sinəmə sıxdı.

– Əlbəttə, mən sizə inanıram. Heç bir şübhəm yoxdur, – dedim. Bu zaman barmaqlarımı onun əlindən çıxarıb, ayaqlarını çimdiklədim. Amma o bunu hiss etmirdi. Öz-özümə dedim: “Bu adamla nə üçün gedirsən? Axı, sən onu sevmirsən və ona nifrət də bəsləmirsən, axı xoşbəxtlik ağ don geyib-geymədiyi dəqiq bəlli olmayan o qızdadır. Demək, bu adam sənin üçün əhəmiyyətsizdir… təkrar et: əhəmiyyətsizdir. Amma təhlükəli adam olmadığı da aydındır. Buna görə də, get onunla Laurenziberq təpəsinə, çünki bu gözəl gecədə artıq yola düşmüsən, get, amma qoy bu adam danışsın, sənsə özün üçün əylən; və beləcə, sən, – bunu astadan de, – özünü hər şeydən yaxşı qoruyacaqsan”.




II

ƏYLƏNMƏK, YAXUD YAŞAMAĞIN MÜMKÜNSÜZLÜYÜNÜN SÜBUTU





1. AT BELINDƏ


Qeyri-adi cəldliklə tanışımın çiyinlərinə sıçradım və yumruqlarımla belinə vuraraq onu löhrəm yerişlə qaçmağa məcbur etdim. Amma qaçmaq istəmədiyini və bəzən hətta dayandığını görüb, hərəkətə gətirmək üçün çəkmələrimlə qarnına təpik vururdum. Bunun xeyri oldu, və biz sürətlə böyük, amma hələ tamamlanmamış bir ərazidən içəri girdik. Axşam idi.

Mənim getdiyim kəndarası yol xeyli daşlı idi və dağa qalxırdı, amma bu xoşuma gəldi və yola davam edib, onu daha daşlı və yoxuşlu hala saldım. Tanışım yavaş getməyə başlayan kimi saçlarından yapışıb yuxarı dartırdım, ah-uf etdikcə isə başına yumruq vururdum. Digər tərəfdən, yaxşı əhval-ruhiyyədə və bu gözəl havada atla gəzintinin səhhətim üçün nə qədər faydalı olduğunu hiss edirdim, odur ki, bu gəzintini daha da nəşəli etmək üçün qarşıdan əsən küləyin təsirini bir az da gücləndirdim. İndi tanışımı çaparkən onun enli kürəyində daha tez-tez atılıb düşürdüm, hər iki əlimlə boynundan yapışaraq başımı mümkün qədər yuxarı qaldırdım və məndən yüngül olmalarına baxmayaraq, küləyin təsiri ilə tənbəl-tənbəl uçuşan buludlara baxdım. Güldüm və qəhrəmanlığımdan qorxub titrədim. Paltomun qabağı açıldı və mənə güc verdi. Tanışımın boynudan daha möhkəm yapışdım və özümü elə apardım ki, guya onu boğduğumdan xəbərsizəm.

Mənim iradəmlə yol qırağında bitən ağacların əyr-üyrü budaqları göy üzünü tədricən görünməz edərkən, bərkdən qışqırdım:

– Axı, mənim başqa işlərim də var, elə həmişə məhəbbət haqqında boşboğazlığa qulaq asmalıyam? Bu boşboğaz aşiqə, axı nə üçün rast gəldim? Onlar xoşbəxtdirlər və bunu başqaları bildikdə, daha da xoşbəxt olurlar. Onlar indi xoşbəxt bir axşam yaşadıqlarını düşünürlər və buna görə də, gələcək həyatları üçün sevinirlər.

Birdən tanışım yerə yıxıldı; baxdım, dizi ağır yaralanmışdı. Bundan sonra mənə heç bir faydası olmayacağını görüb, onu elə oradaca daşların üstündə qoydum və fit çalıb göydən bir neçə çalağan endirdim; çalağanlar itaət edib, sərt dimdikləri ilə onu qorumaq üçün tanışım üstünə qondu.




2. GƏZINTI


Təmkinimi pozmadan yoluma davam etdim. Amma yoxuşlu yolla piyada getməyin ağır olacağından qorxduğum üçün yolu tədricən düzləndirdim və nəhayət, irəlidə görünən ovalığa doğru endirdim.

Qayalıqlar istəyimlə yoxa çıxdı, külək kəsdi və axşamın alatoranında səmtini itirdi. Kifayət qədər sürətlə addımlayırdım. Yoxuş aşağı endiyim üçün dikəlib başımı qaldırmış və əllərimi ənsəmdə çarpazlamışdım. Küknar meşələrini xoşlayırdım, ona görə də belə meşələrdən keçib gedirdim, dinib-danışmadan ulduzlu səmaya baxmağı sevdiyim üçün göy üzündə yavaş-yavaş və özlərinə xas bir dincliklə ulduzlar doğurdu. Bir-iki uzunsov bulud parçası gördüm, onları yalnız o yüksəklikdə əsən bir külək qabağına qatıb qovurdu.

Yolumun üstünə, xeyli uzaqda mənimlə arasında çay olan bir dağ qoydum; kolluqlarla örtülmüş zirvəsi göyə söykənmişdi. Ən yuxarıdakı kiçik budaqları və onların hətta titrəyişlərini də açıq-aşkar görə bilirdim. Bu mənzərə nə qədər adi olsa da, məni elə sevindirdi ki, uzaqdakı qarmaqarışıq kolluqların budağında kiçik bir quşa çevrildim, o anda çoxdan dağın arxasında gözləyən və bu qədər yubandığına görə yəqin ki, hirslənmiş olan Aya doğmaq əmrini verməyi unutdum.

Amma bu an Ayın doğacağını xəbər verən sərin parıltı dağın üstünə yayılmağa başladı və birdən Ayın özü də narahat kolluqlardan birinin arxasından çıxıb yüksəldi. Mənsə bu zaman başqa bir tərəfə baxırdım və başımı çevirib birdən qarşımda dəyirmi Ayın parıldadığını gördükdə dumanlı gözlərimi döyə-döyə qaldım; çünki elə bildim, aşağı enən yol məni bu qorxunc Ayın içinə aparır.

Amma çox keçmədən Aya alışdım və onun nə zəhmətlə göyə yüksəldiyini sakitcə seyr etdim. Bir-birimizə doğru xeyli irəlilədik, nəhayət, şirin bir yuxu mənə güc gəldi; məncə bu, geridə qalmış və unutduğum bir günün verdiyi yorğunluğun nəticəsiydi. Bir müddət gözlərim yumulu halda yeridim, yalnız əllərimi bərkdən bir-birinə vurduğum üçün yuxuya getmirdim.

Lakin sonra yol ayaqlarımın altında sürüşməyə və hər şey mənim kimi yorulub gözdən itməyə başladıqda, gecəni keçirməyə hazırlaşdığım qarışıq və hündür küknar meşəsinə vaxtında gedib çatmaq üçün yolun sağındakı yamacla tələsə-tələsə qalxmağa başladım. Tələsmək lazım idi. Ulduzlar qaralmağa başlamışdı, ay sanki bulanıq suda batırmış kimi tutqunlaşmış-dı. Dağ zülmətin bir parçasına çevrilmişdi, yol isə mənim yamaca qalxdığım yerdə qurtarmışdı. Meşənin dərinliyində yerə düşən budaqların getdikcə yaxınlaşan çatırtısını eşidirdim. Yatmaq üçün özümü dərhal mamırların üstünə ata bilərdim, amma qarışqalardan qorxduğum üçün ayaqlarımı budaqların üstünə qoyaraq bir ağaca çıxdım; işə bax, ağac küləksiz havada yırğalanmağa başlamışdı, bir budağın üstündə uzanıb başımı ağacın gövdəsinə söykədim, və o anda mənim istəyimlə orada olan bir dələ quyruğunu yuxarı qaldıraraq, budağın titrək ucunda oturub yellənərkən sakitcə yuxuya getdim.

Röyasız dərin bir yuxuya getdim. Nə Ayın batması, nə də Günəşin doğması məni oyandırdı. Hətta oyanmağa hazır olduqda da özümü sakitləşdirərək dedim: “Dünən bütün günü çox əziyyət çəkibsən, nə üçün yuxuna haram qatırsan” və yenidən yatdım.

Heç bir yuxu görməsəm də, yenə də gecə boyunca yatmağıma azacıq mane olan bir şey vardı. Bütün gecəni yanımda kiminsə danışdığını eşitmişdim. “Çay kənarında skamya”, “dumanlı dağlar”, “tüstüsü işıldayan qatarlar” kimi ayrı-ayrı sözlərdən başqa danışılanları eşitməmiş, ancaq bunların hansı intonasiya ilə deyildiyini duymuşdum. Və yadımdadır, yatdığım üçün ayrı-ayrı sözləri anlaya bilmədiyimə görə sevinmiş, yuxulu olsam da, sevincimdən əllərimi ovuşdurmuşdum.

Gecə yarısından əvvəl bu səs şən və məsum idi. Qorxdum, çünki hələ mən buraya çıxanda yırğalanan ağacı kiminsə aşağıdan mişarladığını düşündüm… Gecəyarısından sonra səs ciddiləşdi, zəiflədi və sözlər arasında fasilə etməyə başladı, sanki o mənim vermədiyim sualların cavabını deməyə çalışırdı. Bu zaman özümü rahat hiss elədim və dikəlmək istədim… Səhərə yaxın səs daha da mehribanlaşdı. Danışanın yeri mənimkindən heç də etibarlı deyildi, çünki onun yaxındakı budaqların arasından danışdığını gördüm. Cürətləndim və kürəyimi ona çevirərək uzandım. Görünür, bu onu məyus etmişdi, çünki danışmağı kəsib uzun müddət susdu, yalnız səhər çağı, artıq bu səsi unutmağa başladığım vaxt sakitcə ah çəkərək məni oyatdı.

Nəinki başımın üzərində olan, hətta bütünlüklə məni əhatə edən buludlu səmaya baxırdım. Buludlar o qədər ağır idi ki, lap aşağıdan mamırların üstü ilə üzür, ağaclarla toqquşur, budaqlara dəyib parçalanırdı. Bəziləri isə külək güclənib onları qovana qədər ya yerə düşüb qalır, ya da ağaclardan asılırdılar. Onların əksəriyyəti küknar qozalarını, sınmış budaqları, tüstü borularını, ölü quşları, bayraq parçalarını və üzərək daha uzaqlardan yaxaladıqları çoxu tanınmaz olan digər əşyaları qovaraq özləri ilə aparırdı.

Mənə təhlükə yaradan buludları geri itələməyə, ya da çox böyükdürlərsə, onlardan yayınmağa çalışaraq öz budağımda büzüşüb oturmuşdum. Lakin bu mənim üçün əziyyətli iş idi, çünki yuxulu idim, üstəlik tez-tez eitdiyim tənəffüs səslərindən bərk həyəcanlanmışdım. Amma özümə nə qədər əmin olsam, göy üzünün bir o qədər yüksəldiyini və genişləndiyini görüb təəccübləndim; nəhayət, axırıncı dəfə əsnədikdən sonra dünənki axşamın mənzərəsi yenidən qarşımda açıldı və indi bu yerlərin qara buludlar altında olduğunu gördüm.

Baxış bucağımın belə sürətlə genişlənməsi məni qorxutdu. Düşündüm ki, yollarını tanımadığım bu yerlərə niyə gəlib çıxmışam. Məncə, yuxuda olarkən buraya gəlmişdim və yalnız oyandıqdan sonra öz vəziyyətimin nə qədər dəhşətli olduğunu anladım. Amma xoşbəxtlikdən, bu vaxt meşədə quşların cəh-cəhini eşitdim və zövq almaq üçün buraya gəldiyimi düşünüb bir az təsəlli tapdım.

– Sənin həyatın yeknəsəq keçib, – özümü buna inandırmaq üçün bərkdən dedim, – səni doğrudan da harasa aparmaq lazım idi. İndi razı qala bilərsən, bura şən bir yerdir. Günəş də çıxır.

Bunu deyərkən, Günəş çıxdı. Yağış buludları mavi səmada ağappaq olub balacalaşdı; yüngülləşib işıldayaraq yüksəkliyə qalxdılar. Baxdım ki, vadidən bir çay axır.

– Bəli, yeknəsəq keçib, ona görə də sən bu əyləncəyə layiqsən, – sanki məcbur qalıb sözümə davam etdim, – amma təhlükəyə də düşməmişdimi?

Bu an kiminsə lap yaxınlıqda ah çəkdiyini eşitdim.

Tez ağacdan düşmək istədim, amma budaq da əlim kimi titrədiyindən qorxub yıxıldım. Yerə bərk dəymədim və heç bir ağrı duymadım, amma özümü o qədər zəif və bədbəxt hiss edirdim ki, ətrafımdakı şeylərə baxmağa gücüm qalmadığı üçün üzümü otların arasına soxdum. Hər bir hərəkət və düşüncənin məcburi olduğuna inanırdım, odur ki, bunlardan qaçmağa çalışırdım. Otluqda uzanaraq, qolları bədənə yapışdırıb üzü gizlətmək ən təbii şey idi. Və bu təbii vəziyyətə düşdüyüm üçün özümü sevinməyə inandırdım, başqa vaxt belə vəziyyətdə olmaq üçün nə qədər zəhmət çəkməli, yeriməli və danışmalı olacaqdım.

Təzəcə uzanmışdım ki, kiminsə ağladığını eşitdim. Səs yaxından gəldiyi üçün əsəbiləşirdim. Elə əsəbiləşdim ki, kimin ağlaya biləcəyini düşünməyə başladım. Amma düşünməyə başlayan kimi dəhşətli bir qorxu içində aşağı yumbalanıb yolun tozuna batdım. Tozlu gözlərimlə hər şeyi qarabasma kimi görürdüm; və bütün kabuslardan uzaqlaşmaq üçün dərhal ayağa qalxıb qaçmağa başladım.

Qaçmaqdan təngnəfəs olmuş, çaşqınlıqdan özümü itirmişdim. Ayaqlarımı atarkən, enli diz qapaqlarımın necə yuxarı qalxdığını görürdüm, amma şən gəzintidə olduğu kimi əllərim irəli-geri hərəkət etdiyindən dayana bilmirdim, üstəlik başım da yırğalanırdı. Bununla belə soyuqqanlılıqla və bütün gücümlə xilas yolu tapmağa çalışırdım. Birdən yaxınlıqdan axmalı olan çay yadıma düşdü və dərhal ayaqlarımın altında yan tərəfə burulan bir cığır gördüm, doğrudan da çəmənliyin üstü ilə bir neçə dəfə tullandıqdan sonra sahilə çatmışdım.

Çay enli idi, uğultulu və kiçik dalğaları işım-işım işıldayırdı. Çayın o biri sahili də çəmənlik idi, sonra kolluqlar başlayırdı, kolluqların arxasında isə lap uzaqlardakı yaşıl təpələrə doğru uzanıb gedən xiyaban görünürdü.

Bu mənzərədən sevinərək yerə uzandım, ağlamaq səsini yenə eşidəcəyimdən qorxaraq qulaqlarımı tıxadım və burada dincələ biləcəyimi düşündüm. Bura kimsəsiz və gözəl bir yer idi; və burada yaşamaq üçün böyük bir igidliyə də ehtiyac yox idi. Başqa yerlərdə olduğu kimi insan burada da əzab-əziyyət çəkməlidir, amma gözəl hərəkətlər etməyə məcbur deyil. Heç buna ehtiyac da olmayacaq, çünki burada yalnız dağlar və böyük bir çay var və mən də kifayət qədər ağıllıyam ki, buranın kimsəsiz bir yer olduğunu anlaya bilim. Bəli, dağa qalxan, ot basmış cığırla təkbaşına zorla yeriyərkən, dağdan daha çox tənha olmayacağam; sadəcə özümü bir az kimsəsiz hiss edəcəyəm. Amma məncə, bu da keçib gedəcək.

Beləcə, öz gələcək həyatımla oynayır və inadla unutmağa çalışırdım. Bir tərəfdən də gözlərimi qıyaraq, xoşbəxtlik saçan qeyri-adi bir rəngə boyanmış göy üzünə baxırdım. Çoxdandır səmanı belə görməmişdim, bu məni mütəəssir etdi və onu belə gördüyümü düşündüyüm bəzi günlər yaddaşımda canlandı. Əllərimi qulaqlarımdan çəkdim, qollarımı açdım və özümü otların üstünə atdım.

Uzaqdan kiminsə hıçqırıq səsləri gəldi qulağıma. Elə bu zaman külək qopdu, əvvəl görmədiyim quru yarpaqlar bir yerə komalanaraq xışıltı ilə havada uçuşmağa, ağaclardakı kal meyvələr qəzəblə yerə tökülməyə başladı. Bir dağın arxasından eybəcər buludlar yüksəldi. Çayın dalğaları guruldadı və küləyin təsiri ilə geri çəkildi.

Tez ayağa qalxdım. Ürəyim ağrıyırdı, çünki bu bəlalardan qurtulmağın mümkün olmadığını düşünürdüm. Geri dönüb bu yerləri tərk etmək və əvvəlki həyatıma qayıtmaq istəyirdim ki, birdən ağlımdan bu fikir keçdi: “Nə qəribədir ki, bizim dövrümüzdə nəcib insanlar hələ də belə çətin bir üsulla çayın o biri sahilinə göndərilirlər. Bunun səbəbi sadəcə köhnə vərdişlərdir”. Başımı yırğaladım, təəccüblənmişdim.




3. GOMBUL




a) Əraziyə xitabən söylənmiş nitq


Qarşı sahildəki kolluqların arasından dörd yekəpər və çılpaq kişi çıxdı; çiyinlərində taxta xərək daşıyırdılar. Xərəyin üstündə gombul bir adam şərqsayağı oturmuşdu. Onu kolluqların arasından, keçilməmiş bir yolla aparsalar da, tikanlı budaqları əlləri ilə aralamır, onları hərəkətsiz gövdəsi ilə laqeydcə yarıb keçirdi. Bədənindəki piy qatları sağa-sola elə bərabər ölçüdə yayılmışdı ki, xərəyin üstünü tamamilə örtmüş və üstəlik sarımtıl bir xalçanın ucları kimi yan tərəflərdən yerə sallanmışdı, amma bu onu qətiyyən narahat etmirdi. Üzündəki ifadədən düşünən və bunu gizlətməyə çalışmayan sadəlövh bir adama bənzəyirdi. Hərdən gözlərini yumub açdıqda çənəsi əyilirdi.

– Bu ərazi düşünməyimə mane olur, – o sakitcə dedi, – onun ucbatından düşüncələrim güclü axına tuş gəlmiş zəncirli körpülər kimi yırğalanır. Gözəl ərazidir, buna görə də istəyir ki, ona tamaşa etsinlər.

Gözlərimi yumub deyirəm: ey, çayın sahilində yüksələn və daşları suya yuvarlanan yaşıl dağ, sən gözəlsən!

Lakin dağ bununla kifayətlənmir, istəyir ki, gözlərimi açıb ona baxım.

Amma yumulu gözlərlə desəm ki, “Ey dağ, səni sevmirəm, çünki sən mənə buludları, axşam şəfəqlərini və göy üzündə doğan ulduzları xatırladırsan, bunlar isə məni az qala ağladan şeylərdir, çünki kiçik bir xərəkdə aparılan insan üçün bunlar əlçatmazdır. Ey hiyləgər dağ, sən bütün bunları mənə gözəl və əhatəli bir şəkildə göstərməklə, qəlbimi şənləndirən uzaqların mənzərəsini pərdələyirsən. Buna görə də səni sevmirəm, ey çay sahilində yüksələn dağ, səni sevmirəm”. Bu sözlərimə də əvvəlki kimi laqeyd qalacaq və məmnun olmayacaq dağ, çünki açıq gözlərlə danışmıram.

Məgər, dağın bizə qarşı yaxşı münasibətinin və ümumiyyətlə, bizim beyinlərimizin xəşilinə duyduğu qəribə hərisliyinin həmişə qalmasına çalışmamalıyıqmı? Yoxsa diş-diş kölgələrini üzərimə salacaq, qorxunc və çılpaq divarlarını qarşıma çıxaracaq, məni xərəklə aparanlar isə yoldakı kiçik daşlara ilişib səndələyəcəklər.

Amma belə təkəbbürlü, belə zəhlətökən və belə kinli olan dağ deyil təkcə, başqa nə varsa, hamısı belədir. Buna görə də, gözlərimi bərəldib, – ah, nə yaman ağrıyır onlar, – dönə-dönə təkrar etməliyəm: “Bəli, ey dağ, sən gözəlsən, sənin qərb yamacındakı meşələr məni çox sevindirir… Ey çiçək, səndən də çox məmnunam, sənin çəhrayı rəngin ruhumu fərəhləndirir… Və sən, çəmənlikdəki ot, boy atıbsan, artıq güclüsən və sərinlik verirsən… Ey qəribə kolluq, sənsə tikanlarını elə qəfildən batırırsan ki, ağlımız qaçır. Çay, sənə olan rəğbətim o qədər böyükdür ki, özümü sənin yüngül sularına atacağam ki, aparasan məni”.

Gombul hərdən bədəninin itaətkar hərəkətləri ilə müşayiət olunan bu mədhiyyəni on dəfə ucadan təkrarlayaraq başını aşağı saldı və gözlərini yumaraq dedi:

– Amma indi sizdən xahiş edirəm, – ey dağ, çiçək, ot, kolluq və çay, – mənə bir az yer verin ki, nəfəs ala bilim.

Bu zaman ətrafdakı dağlar tələsə-tələsə yerlərini dəyişib, duman pərdəsinin arxasına keçdi. Xiyabanlar öz yerində qalsa da və genişliyini qoryub saxlasa da, lap vaxtında tutqun şəklə düşdü: göydə günəşin qarşısını kənarları işıldayan nəmli bir bulud kəsmişdi; buludun kölgəsində ərazi daha da alçaq görünürdü, bütün cisimlər isə öz gözəl cizgilərini itirmişdi.

Xərəkçilərin ayaq səsləri mənim sahilimə qədər gəlib çatırdı, amma üzlərinin qaranlıq dördbucağında heç bir şeyi aydın seçə bilmirdim. Amma daşıdıqları yük qeyri-adi olduğu üçün başlarını yana əydiklərini, bellərini bükdüklərini görə bilirdim. Onlara görə narahat olmuşdum, çünki yorulmuşdular. Bu səbəbdən, sahildəki çəmənliyə ayaq basdıqlarını gördükdə onları maraqla izləməyə başladım. Sonra düzgün addımlarla nəm qumların üstündə yeriməyə başladılar, nəhayət qamışlı bataqlığa daldılar; arxadakı xərəkçilər xərəyi üfüqi vəziyyətdə saxlamaq üçün bellərini daha aşağı əymişdilər. Barmaqlarımı bir-birinə keçirtdim. İndi onlar hər addımda ayaqlarını daha da yuxarı qaldırmalı idilər, buna görə də bədənləri bu dəyişkən günün sərin havasında tərdən işıldayırdı.

Gombul əllərini budlarının üstünə qoyaraq sakitcə oturmuşdu; qamışların uzun ucları irəlidəki xərəkçilər keçərkən gərilir, sonra gombulun bədəninə çırpılırdı.

Suya yaxınlaşdıqca xərəkçilərin hərəkəti daha da nizamsız olurdu. Bəzən xərək sanki dalğaların üstündəymiş kimi möhkəmcə yırğalanırdı. Qamışlıqdakı gölməçələrin üstündən tullanmaq ya da yanından keçmək lazım idi, çünki onlar dərin ola bilərdilər. Birdən çöl ördəkləri qıyya çəkərək havaya qalxdı və qara buludun içinə girdi. Bir anlığa gombulun üz ifadəsini gördüm; bərk narahat olduğu sezilirdi. Ayağa qalxıb, məni sudan ayıran daşlı yamacla yöndəmsiz sıçrayışlarla aşağı endim. Bunun təhlükəli olduğuna əhəmiyyət vermirdim, ağlımda yalnız bir fikir vardı: nökərlər gücdən düşüb gombulu apara bilmədikdə, onun köməyinə çatmalıyam. Elə ağılsızca qaçırdım ki, aşağıda çayın kənarında özümü saxlaya bilməyib, ətrafa sıçrayan suların arası ilə bir müddət qaçmağa davam etdim və yalnız su dizimə çatanda dayana bildim.

Qarşı sahildə nökərlər xərəklə birlikdə suya girmişdilər və bir əlləri ilə özlərini azğın sularda saxlamağa çalışarkən, dörd tüklü qol da xərəyə dayaq vermişdi; bu zaman onların qeyri-adi dərəcədə şişmiş əzələləri görünürdü.

Su xərəkçilərin əvvəlcə çənəsinə çatdı, sonra ağızlarına qədər çıxdı; başları geriyə qanrıldı, xərək isə çiyinlərinin üstünə düşdü. İndi su burunlarına çırpılırdı, amma onlar öz səylərin-dən əl çəkmirdilər, hərçənd çayın heç ortasına da çatmamışdılar. Bu zaman çox da hündür olmayan bir dalğa qabaqda gedən xərəkçilərin başına çırpılaraq onları suya batırdı və dörd adam çabalayan əlləri ilə xərəyi də özləri ilə aşağı çəkərək səssiz-səmirsiz boğuldu. Və sürətlə gələn dalğalar onların yerini tutdu.

Bu an böyük bir buludun kənarlarından sızan axşam günəşinin zəif işığı üfüqdəki təpələri və dağları aydınlatdı. Buludun altında qalan çay və ərazi tutqun şəkildə işıqlanmışdı.

Gombul yavaş-yavaş suyun axın istiqamətinə döndü və artıq lazımsız olan, buna görə də suya atılan parlaq taxtadan düzəldilmiş tanrı heykəli kimi çayın aşağısına tərəf sürüklənib getdi. Qara buludun kölgəsi isə onun arxasınca düşmüşdü. Uzunsov buludlar gombulu qabaqdan dartır, kiçik və büzüşmüş buludlar isə arxadan itələyirdi; bu isə böyük çalxalanmaya səbəb olurdu, dizlərimə və sahildəki daşlara çırpılan dalğalar bunu açıq-aydın göstərirdi.

Gombulla birlikdə yol getmək üçün tez yamacla yuxarı dırmandım, çünki onu həqiqətən sevirdim. Həm də ilk baxışdan təhlükəsiz görünən bu ölkənin təhlükələri haqqında ondan bəlkə nə isə öyrənə bilərdim. Beləcə, ensiz qum zolağı ilə yeriməyə başladım, amma qum zolağının darlığına əvvəlcə alışmaq lazım idi. Əllərimi ciblərimə salmış, üzümü düz bucaq altında çaya tərəf çevirmişdim, çənəm demək olar ki, çiynimə yapışmışdı.

Sahildəki daşlara qaranquşlar qonmuşdu.

Gombul dedi:

– Sahildə dayanmış əziz cənab, məni xilas etməyə çalışmayın. Bu suyun və küləyin qisasıdır; mənim işim bitib. Bəli, bu qisasdır, çünki dostum İbadətkarla indiyə qədər neçə dəfə qılıncların cingiltisi və kimvalların[2 - Kimval və litavra – zərb alətləri] gözqamaşdırıcı parıltısında, boruların və litavraların möhtəşəm və parlaq şüaları altında bunların üzərinə hücum çəkdik.

Bu zaman balaca bir qağayı sürətini azaltmadan gombulun qarnının üstündən uçub keçdi.

Gombul sözünə davam etdi:



b) İbadətkarla söhbətin başlaması


– Bir vaxtlar bir kilsə vardı, hər gün oraya gedərdim; çünki aşiq olduğum qız axşamlar burada yarım saat diz çöküb ibadət edər, mən də ona rahatca tamaşa edərdim.

Bir gün bu qız kilsəyə gəlmədi; ibadət edənlərə narazı halda baxırdım ki, çəlimsiz bədənini döşəmənin üstünə uzatmış gənc bir adam gözümə sataşdı. Zaman-zaman bütün gücünü toplayaraq başını qaldırır və ah çəkərək onu daşların üzərinə sərilmiş əllərinin içinə qoyurdu.

Kilsədə yalnız bir neçə yaşlı qadın vardı; örtüklü başlarını tez-tez yana çevirib İbadətkara baxırdılar. Deyəsən, gənc adam onların diqqətini cəlb etdiyi üçün özünü xoşbəxt hiss edirdi, çünki ibadət zamanı hər dəfə cuşa gəlməzdən əvvəl gözlərini gəzdirir və ona baxan adamların çox olub-olmadığını yoxlayırdı.

Mənsə bunu yaxşı hərəkət hesab etmədim, kilsədən çıxar-çıxmaz gedib onunla danışmağa və nə üçün bu cür ibadət etdiyini soruşub öyrənməyə qərar verdim. Bəli, acıqlı idim, əsəbiləşmişdim, çünki sevgilim kilsəyə gəlməmişdi.

Lakin o ancaq yarım saatdan sonra ayağa qalxdı, canfəşanlıqla xaç vurdu və tənbəl addımlarla müqəddəs piyaləyə doğru yeridi. Mən qapı ilə suçiləyicinin arasında dayandım, söhbət etmədən ona yol verməməyi qərara almışdım. Danışmağı qətiləşdirdiyim zaman buna hazırlaşmaq üçün həmişə etdiyim kimi ağzımı büzdüm; sağ ayağımı irəli uzadıb bədənimin ağırlığını onun üstünə saldım, sol ayağımı isə barmaqlarımın ucu ilə yerə dayadım; yoxlamışdım, bu mənə mətinlik verirdi.

Bəlkə bu adam üzünü müqəddəs su ilə isladarkən mənə çəpəki baxmışdı, bəlkə də məni daha əvvəl görüb təşvişə düşmüşdü, çünki birdən-birə götürülüb özünü qapıdan çölə atdı. Şüşə qapı çırpılaraq örtüldü. Dərhal onun arxasınca qapıdan çıxdım, gözdən itmişdi, çünki yaxınlıqda bir neçə dar küçə vardı, üstəlik gəliş-gediş də çox idi.

Bu gənc adam bir neçə gün gözə dəymədi, amma qız yenə əvvəlki kimi kilsəyə gəlib ibadət edirdi. O, yaxalığında krujevalı naxışlar olan, – köynəyinin boynu krujevanın altında qalmışdı, – qara don geyinirdi; naxışların kənarlarından aşağı enən ipək parça yaxşı qatlanmış yaxalıqla birləşirdi. Qız gəldiyi üçün gənc adamı çoxdan unutmuşdum və hətta bir neçə gün sonra o yenə müntəzəm olaraq kilsəyə gəlib, adəti üzrə ibadət etməyə başladıqda da əvvəlcə diqqətimi çəkmədi. Amma həmişə mənim yanımdan keçəndə üzünü yana çevirib tələsə-tələsə yeriyirdi. Bəlkə, onu həmişə hərəkətdə olduğu zaman təsəvvür etdiyim üçün belə düşünürdüm; hətta yerindən tərpənməsə də, mənə elə gəlirdi ki, bu adam oğrun-oğrun yeriyir.

Bir gün tərəddüd içində olsam da, yenə kilsəyə getdim. Qızı orada tapmayıb, evə qayıtmaq istədim. Birdən gördüm ki, bu gənc adam yenə döşəməyə uzanıb ibadət edir. Əvvəlki vəziyyət yadıma düşdü və məndə maraq oyatdı.

Ayaqlarımın ucu ilə yeriyərək qapıya yaxınlaşdım; burada oturmuş kor dilənçiyə qəpik-quruş verib, onun yanında özümə yer eləyərək qapının açıq layının arxasında gizləndim. Burada bir saat oturub gözlədim, bəlkə də bu zaman üzümdən hiyləgərlik yağırdı, amma hər halda özümü yaxşı hiss edirdim. Lakin sonra bu İbadətkar üzündən burada qaxılıb qalmağın ağılsızlıq olduğunu düşündüm. Bununla belə, artıq üç saat idi ki, burada oturmuşdum; qanım qaraldı, çünki paltarımın üstünə hörümçəklər dırmanmışdı, üstəlik bərkdən nəfəs ala-ala kilsənin qaranlığından çıxanlara əyilib baxmaq məni lap əsəbiləşdirirdi.

Və bu an o da göründü. Ehtiyatla yeriyirdi, addım atmazdan əvvəl, barmaqlarının ucu ilə döşəməni yoxlayırdı.

Ayağa qalxdım, bir böyük addım ataraq onun yaxasından yapışdım.

– Axşamın xeyir, – deyə əlim yaxasında, onu pillələrdən aşağı itələyib, kilsənin qarşısındakı işıqlanmış sahəyə çıxardım.

Aşağı düşərkən titrək səslə mənə dedi:

– Axşamın xeyir, əziz ağam, lütfən bu itaətkar qulunuza hirslənməyin.

– Bəli, – dedim, – sizdən bəzi şeyləri soruşmaq istəyirəm, cənab, keçən dəfə sivişib aradan çıxdınız, bu günu bunu bacarmayacaqsınız.

– Siz mərhəmətlisiniz, ağam, buraxın, evə gedim. Mənə rəhm etmək olar, buna inanın.

– Yox, – deyə qışqırdım, səsim yaxınlıqdan keçən tramvayın gurultusuna qarışdı, – sizi buraxmayacağam! Bu cür əhvalatlar xoşuma gəlir. Siz mənim üçün xoşbəxtlik quşusunuz. Əslində, sizi yaxaladığıma görə özümü təbrik edə bilərəm.

Bu zaman o dedi:

– Ah, ilahi! Sizin rəhmli ürəyiniz, amma mərmər kimi soyuq beyniniz var. Mənə xoşbəxtlik quşu deyirsiniz, əlbəttə, siz xoşbəxt olmağa layiqsiniz! Mənim bədbəxtliyim kövrək, titrəyib-yırğalanan bir bədbəxtlikdir, əgər ona toxunsanız, sizin üstünüzə aşacaq. Gecəniz xeyrə qalsın, ağa.

– Yaxşı, – dedim və onun sağ əlindən tutdum, – əgər mənə cavab verməsəniz, elə burada, küçədə qışqırmağa başlayacağam. İş vaxtları qurtarmaqda olan bütün satıcı qızlar qaçıb tökülüşəcək, onları səbirsizliklə gözləyən sevgililəri də qaçıb gələcək, çünki elə biləcəklər ki, arabaya qoşulmuş at yıxılıb, ya da buna bənzər bir şey baş verib. Onda sizi camaata göstərəcəyəm.

Bu zaman o ağlamağa başladı və əllərimi bir-bir öpərək onları göz yaşları ilə islatdı.

– Öyrənmək istədiklərinizi sizə söyləyəcəyəm, amma o qarşıdakı küçəyə girsək, daha yaxşı olar.

Başımı tərpədərək razılaşdım və biz oraya yönəldik.

Fənərlərin bir-birindən xeyli aralı olaraq düzüldüyü küçənin alaqaranlığı ilə kifayətlənməyib, məni köhnə bir evin alçaq girişinə, taxta pilləkənin qarşısında asılmış içindən neft damcılayan bir fənərin altına apardı.

Burada cibindən dəsmal çıxarıb, pillənin üstünə sərərək dedi:

– Əyləşin, əziz ağam, suallarınızı belə daha rahat soruşa bilərsiniz, mənsə ayaq üstdə duracağam, çünki suallarınıza ayaq üstdə daha yaxşı cavab verə bilərəm. Ancaq mənə əzab verməyin.

Oturdum, gözlərimi qıyaraq ona baxıb dedim:

– Siz əməlli-başlı dəlisiniz, axmaqsınız! Kilsədə özünüzü necə aparırsınız! Gülüncdür, kilsədə sizə baxanların zəhləsini tökürsünüz, bu necə davranışdır! Sizin bu hərəkətinizi görən dindarlar nə düşünər!

O divara söykəndi, yalnız başı ilə sərbəst hərəkət edə bilirdi.

– Hirslənməyin… sizə dəxli olmayan bir məsələyə görə nə üçün hirslənirsiniz. Mən özüm pis davrandıqda əsəbiləşirəm, amma başqa biri özünü pis apararsa, buna yalnız sevinirəm. Buna görə də sizə desəm ki, ibadət etməkdə məqsədim insanların diqqətini cəlb etməkdir, əsəbiləşməyin.

– Nə danışırsınız! – deyə qışqırdım, səsim bu alçaq tavanlı giriş üçün çox yüksəkdən çıxmışdı; amma bundan sonra səsimi alçaltmaqdan da qorxdum. – Doğrudan da, siz nədən bəhs edirsiniz! Hə, sizi görəndən bəri nə halda olduğunuzu təxmin edirdim, ürəyimə dammışdı ki, siz özünüzdə deyilsiniz, bu bir növ quruda dəniz xəstəliyinə oxşayır. Əşyaların həqiqi adlarını unudur və sonra tələsə-tələsə onlara ağlınıza gələn təsadüfi adlar qoyursunuz, bu xəstəliyin xüsusiyyəti belədir. Təki tez olsun, təki tez olsun! Amma onlardan qaçan kimi adlarını yenə unudursunuz. Çöldəki qovaq ağacına “Babil qülləsi” deyirsiniz, çünki onun qovaq ağacı olduğunu bilmirsiniz, ya da bilmək istəmirsiniz, amma sonra bu ağac yenə də adsız halda öz yerində yırğalanır və bu dəfə siz onu “Sərxoş Nuh” adlandırırsınız.

Sözümü kəsərək dedi:

– Dediklərinizi anlamadığıma sevinirəm.

Həyəcanlanaraq, bir az çaşqın halda tez cavab verdim:

– Amma sevinməklə anladığınızı göstərirsiniz.

– Doğrudur, əziz ağam, amma sizin söylədikləriniz də çox qəribədir.

Əllərimi yuxarıdakı pillənin üstünə qoyub, arxaya söykəndim və güləşçilər üçün son xilas yolu olan və qarşı tərəfin hücumuna imkan verməyən bir pozada dedim:

– Gülünc çıxış yolu tapıbsınız: öz vəziyyətinizi başqalarına təklif edirsiniz.

Bundan sonra cürətləndi. Öz bədəninə bütövlük vermək üçün əllərini aşağı saldı və yüngül bir etiraz havası içində dedi:

– Yox, mən hamı ilə bu cür rəftar etmirəm, sizinlə də həmçinin, çünki bunu bacarmaram. Amma bacarsaydım, sevinərdim, çünki onda kilsədəki insanların diqqətini cəlb etməyə ehtiyac duymazdım. Bilirsiniz, nə üçün belə ibadət edirəm?

Bu sual məni çətin vəziyyətə saldı. Əlbəttə, bilmirdim və bilmək də istəmirdim. Əslində buraya gəlməyi də istəməmişdim, öz-özümə dedim, amma bu adam məni məcbur etdi ki, ona qulaq asım. Bunu bilmədiyimi demək üçün başımı yırğalamaq kifayət edərdi, amma başımı tərpədə bilmirdim.

Qarşımda dayanmış bu adam gülümsədi. Sonra büzüşüb dizləri üstdə oturdu və yuxulu səslə dedi:

– Elə bir vaxt olmayıb ki, mən sadəcə özümə güvənərək gördüyüm şeylərin həqiqi olduğuna inanım. Ətrafdakı hər şeyi o qədər zəif təsəvvür edirəm ki, sanki onların nə vaxtsa yaşadığını, indi isə yoxluğa qərq olduğunu düşünürəm. Əşyaları mənə göründükləri kimi deyil, olduqları kimi görmək istəyirəm; bu halda onlar, yəqin, gözəl və sakitdirlər. Belə olmalıdır, çünki başqa insanlar onları bu cür təsvir edirlər.

Nə qədər yorğun olduğumu, susmağımdan və üzümün bilaixtiyar səyriməsindən hiss edərək soruşdu:

– Başqa insanlar üçün belə olduğuna inanmırsınız?

Başımı tərpətməyi lazım bildim, lakin bacarmadım.

– Doğrudanmı, inanmırsınız? Ah, qulaq asın; balaca uşaq idim, günorta yeməyindən sonra bir az yatıb gözlərimi açdıqda, hələ yuxulu halda, anamın adi bir səslə eyvandan aşağı qışqırdığını eşitdim: “Nə edirsiniz, əzizim? Hava çox istidir, hə?!”. Bağçadan bir qadın cavab verdi: “Təbiətin qoynunda qəhvə içirəm”. O bunu düşünmədən və çox da aydın olmayan bir şəkildə dedi, sanki hər kəs onun bu cür cavab verəcəyini gözləməliymiş.

Elə bildim ki, mənə sual verirlər, buna görə də əlimi şalvarımın arxa cibinə saldım və özümü elə apardım ki, guya nə isə axtarıram. Amma heç bir şey axtarmırdım, sadəcə söhbətlə maraqlandığımı göstərmək üçün o andakı duruşumu dəyişmək istəmişdim. Mənə danışdığı hadisənin çox qəribə olduğunu və heç bir şey anlamadığımı dedim. Üstəlik onun həqiqiliyinə inanmadığımı, yəqin ki, müəyyən bir məqsəd üçün uydurulduğunu və bu səbəbdən mənim üçün anlaşılmaz olduğunu əlavə etdim. Sonra gözlərimi ağrıdığı üçün, yumdum.

– Nə yaxşı, siz də mənim kimi düşünürsünüz və öz xeyrini güdməyən bir insan olduğunuzdan, bunu demək üçün mənə yaxınlaşdınız. Axı, başımı dik tutub ağır addımlarla yerimədiyimə, əl ağacımla səkiyə vurmadığıma, hay-küylə yanımdan keçib gedən insanların paltarlarına sürtünmədiyimə görə, nə üçün utanmalıyam? Əksinə, uzanıb-qısalan kölgə kimi evlərin boyunca yüyürdüyüm, bəzən vitrin şüşələrində gözdən itdiyim üçün inadla şikayət etməyə haqqım yoxmu?

Görün, necə günlər keçirirəm! Niyə hər şey bu qədər bərbaddır; bəzən ortada heç bir səbəb yoxkən, hündür binalar yerlə bir olur. Dağıntıların üstünə çıxır, kimi görsəm soruşuram: “Axı, bu necə ola bilər? Bizim şəhərdə… Təzə bina… Düşünün bir… Bu gün beşincisidir bu”. Mənə heç kim cavab verə bilmir.

Çox vaxt insanlar küçədə yıxılıb, cansız halda yerdə qalır. Dükançılar ağzınacan malla dolu dükanlarının qapısını açaraq, cəld qaçıb gəlir, ölünü oradakı evlərdən birinə aparır, sonra qayıdaraq ağız və gözlərinin ətrafına çökmüş bir təbəssümlə boşboğazlıq edirlər: “Sabahınız xeyir!.. Hava buludludur… Yaylıqlar… yaxşı satılır… Hə, müharibədir”. Mən həmin evə sarı götürülürəm, barmaqlarımı bükərək əlimi bir neçə dəfə ürkəkcə qaldırıb-endirir, nəhayət, qapıçının kiçik pəncərəsini taqqıldadıram. “Salam, – gülümsəyərək deyirəm, – səhv etmirəmsə, bir az bundan əvvəl buraya bir ölü gətirdilər. Xahiş edirəm, onu göstərin mənə”. Qapıçı tərəddüd içində başını yırğaladıqda daha qətiyyətlə deyirəm: “Əzizim, mən gizli polisdənəm. Dərhal ölünü mənə göstərməlisiniz”. “Ölünü? – qapıçı bu dəfə incik halda soruşur. – Burada ölü-filan yoxdur. Gedin burdan”. Sağollaşıb yoluma davam edirəm.

Sonra böyük bir meydandan keçib getmək lazım olduqda, bunların hamısını unuduram. Bu işin çətinliyi məni tərəddüdə salır; və öz-özümə düşünürəm: “Belə böyük meydanları lovğalıqdan salırlarsa, bəs nə üçün meydanın içindən məhəccərli yollar çəkmirlər? Bu gün külək yenə cənub-qərbdən əsir. Hava təlatümə gəlir. Qüllənin sivri ucu kiçik dövrələr vurur. Bu izdihamı niyə sakitləşdirmirlər? Axı, bu nə səs-küydür! Bütün pəncərə şüşələri cingildəyir, küçə fənərlərinin dirəkləri bambuq ağacı kimi əyilib-düzəlir. Sütun üzərindəki Müqəddəs Məryəmin bürüncəyi dalğalanmağa başlayır, külək onu qoparıb atmaq istəyir. Doğrudanmı, bunu heç kəs görmür? Səki ilə getməli olan xanımlar və cənablar sanki havada üzürlər. Külək zəiflədikdə, onlar dayanıb bir-birilə bir neçə kəlmə danışır, təzim edərək salamlaşır, külək yenidən gücləndikdə isə, ona müqavimət göstərə bilməyib, hamısı eyni vaxtda ayaqlarını qaldırır. Əlləri ilə papaqlarını tuturlar ki, külək aparmasın; buna baxmayaraq, gözləri gülür, sanki hava çox gözəldir. Təkcə mən qorxuram. Mənə qarşı bu cür münasibətə etiraz edərək dedim:

– Bayaq ananız və bağçadakı qadın haqqında mənə danışdığınız hadisə, əslinə qalsa, maraqlı deyil. Belə hadisələri çox görmüşəm, çox eşitmişəm, hətta bəzilərində iştirak da etmişəm. Bu adi bir şeydir. Elə bilirsiniz ki, eyvanda olsam, mən də eyni sualı verə və o cavabı ala bilməzdim? Adi bir haldır!

Mən belə dedikcə, o çox xoşbəxt görünürdü. Qəşəng geyindiyimi və qalstukumu çox bəyəndiyini söylədi. Dərim də çox zərif imiş! Etiraflar sonradan inkar edildikdə, daha çox aşkarlıq qazanır.



c) İbadətkarın hekayəti


Sonra yanımda oturdu, çünki bir az qorxmuşdum, başımı yana əyərək ona yer verdim. Bununla belə onun da utancaq halda oturduğu, mənimlə öz arasında olan kiçik məsafəni qorumağa çalışdığı gözümdən qaçmadı. Çətinliklə danışırdı:

– Görün, necə günlər keçirirəm! Dünən axşam qonaq getmişdim. Fənərin işığından bir xanıma təzim edib dedim: “Qışa az qaldığını üçün sevinirəm”. Elə bu sözlər ağzımdan çıxmışdı ki, sağ ayağımın dizdən burxulduğunu hiss edib məyus oldum. Diz qapağım da bir az böyümüşdü. Buna görə də, oturdum və cümlələr arasındakı əlaqəni pozmamağa çalışaraq davam etdim: “Qışda insan az əziyyət çəkir, özünü daha sərbəst aparır, dediyi sözlərə görə təşviş keçirmir, elə deyilmi, xanım? Məncə, bu məsələdə haqlıyam”. Bu zaman sağ ayağım daha şiddətlə ağrımağa başlamışdı. Əvvəlcə mənə elə gəldi ki, dizim yerindən çıxıb, sonra diz qapağımı yavaş-yavaş ovxalayaraq, əlimlə sıxıb buraxaraq, ağrını bir az sakitləşdirdim. Bu zaman mənə yazığı gəldiyi üçün yanımda əyləşən qız sakitcə dedi:

– Yox, siz məni qətiyyən cəlb etmirsiniz, çünki…

– Dayanın, – məmnun və ümidli halda sözünü kəsdim, – xanım, mənimlə söhbət etmək üçün heç beşcə dəqiqə də vaxt sərf etməyəcəksiz, həm də xahiş edirəm, yeyə-yeyə danışın.

Əlimi uzadıb, bürünc bir mələyin yuxarı qaldırdığı meyvə qabından bir salxım üzüm götürdüm, salxımı bir az əlimdə tutub göy naxışlı boşqaba qoydum və incə bir hərəkətlə qıza verdim.

– Siz məni qətiyyən cəlb etmirsiniz, – o dedi, – danışdıqlarınızın hamısı darıxdırıcı və anlaşılmaz şeylərdir, üstəlik doğru da deyil. Məncə, cənab, – mənə nə üçün “xanım” dediyinizi bilmirəm, – məncə, həqiqət sizə çox ağır gəldiyi üçün ondan qaçırsınız.

İlahi, sevincimdən az qala atılıb-düşəcəkdim!

– Bəli, xanım, bəli, – az qala qışqıraraq dedim, – nə qədər haqlısınız! Xanım, insan gözləmədiyi halda birdən-birə başa düşüldüyünü gördükdə, bilirsiniz, nə qədər sevinir!

– Bəli, həqiqət sizin üçün çox ağır və yorucudur, cənab, bir halınıza baxın, görün nə gündəsiniz! Elə bil, başdan ayağa papiros kağızından eşilibsiniz, sarı papiros kağızından; siluetdən fərqiniz yoxdur, yerisəniz xışıldayacaqsınız. Buna görə də sizin davranışınız, ya da düşüncəniz məni maraqlandırmır; axı, otaqda yelçəkənin qarşısında dayansanız, o saat əyilib-büküləcəksiniz.

– Bunu anlamıram. Bax, burada, bu otaqda müxtəlif insanlar var. Onlar qollarını qaldırıb stulların arxasına qoyur, ya da pianoya söykənir, ya da qədəhi yavaş-yavaş dodaqlarına aparır, yaxud çəkinə-çəkinə qonşu otağa keçir və qaranlıqda sağ çiyinlərini bir şkafa çırpıb əzdikdən sonra açıq pəncərə qarşısında dərindən nəfəs alaraq düşünürlər: “Bax, o axşam ulduzu Veneradır. Mənsə burada qonaqların arasındayam. Əgər burada bir əlaqə varsa, mən bunu anlamıram. Hətta burada bir əlaqə olub-olmadığını da bilmirəm”. Və baxın, xanım, tərəddüd içində olduqları üçün belə qətiyyətsiz, hətta gülünc davranan bu insanlar arasında özü haqqında aydın bir fikir eşitməyə layiq olan yalnız mənəm sanki. Bu sözlər xoşagəlimli olsun deyə, siz onları zarafatla deyirsiniz; necə ki, tamamilə yanmış bir evdən ən azı əsas divarlar sağ qalırsa, siz də istəyirsiniz ki, söylədiyiniz sözlərdən nə isə yadda qalsın. Baxışlar burada heç bir maneə ilə qarşılaşmır, böyük pəncərə boşluqlarından gündüzlər göy üzündə buludlar, gecələr isə ulduzlar görünür. Buna təşəkkür üçün sizə xəbər verim ki, gün gələcək, yaşamaq istəyən bütün insanlar mənim kimi görünəcək; siz dediyiniz kimi, sarı papiros kağızından eşilmiş siluetlərə bənzəyəcək və yeriyəndə xışıldayacaqlar. İndikindən fərqli olmayacaqlar, amma dediyim kimi görünəcəklər. Hətta siz də əzizim…

Birdən gördüm ki, qız mənim yanımda oturmayıb. Yəqin, dediyi son sözlərdən sonra çıxıb getmişdi, çünki indi məndən xeyli uzaqda bir pəncərənin qarşısında dayanmışdı; ağ və hündür yaxalıqlı üç gənc onu əhatəyə alıb gülə-gülə nə isə danışırdı.

Sonra məmnuniyyətlə bir qədəh şərab içib, pianoçuya yaxınlaşdım. O təklikdə oturub, başını yırğalaya-yırğalaya qəmli bir musiqi çalırdı. Qorxmasın deyə, ehtiyatla qulağına tərəf əyilib, musiqinin ahənginə uyaraq sakitcə dedim:

– Lütf edin, möhtərəm ağa, icazə verin, mən də bir az çalım, axı xoşbəxt olmaq istəyirəm.

Sözlərimə qulaq asmadığı üçün bir müddət nə edəcəyimi bilmədən çaşqın halda dayandım; sonra utancaqlığıma qalib gələrək, bir-bir qonaqların yanına gedib bilaixtiyar dedim:

– Bu gün mən piano çalacağam. Bəli.

Deyəsən, hamı bilirdi ki, piano çalmağı bacarmıram, amma söhbətlərinin bu cür xoşluqla kəsilməsinə görə nəzakətlə gülümsəyirdilər. Lakin pianoçuya ucadan səsləndikdə bütün diqqətləri mənə yönəldi:

– Lütf edin, möhtərəm ağa, icazə verin, mən də bir az çalım, axı xoşbəxt olmaq istəyirəm. Bu mənə zəfər qazandıracaq.

Pianoçu məni dinləsə də, oturduğu qəhvəyi rəngli skamyadan qalxmadı, üstəlik deyəsən məni anlamamışdı; köks ötürüb uzun barmaqlarıyla üzünü örtdü.

Ona yazığım gəldi və könlünü alıb, piano çalmağa davam etməsini demək istəyirdim ki, evin xanımı bir dəstə qonaqla bizə yaxınlaşdı.

– Bu gülməli fikirdir, – dedilər və sanki ağlasığmaz bir iş görmək istəyirmişəm kimi bərkdən güldülər.

Qız da yaxına gəldi və mənə istehza ilə baxıb dedi:

– Xanım, qoyun çalsın. Bəlkə bizi əyləndirmək istəyir. Əslində bu tərifəlayiq hərəkətdir. Xahiş edirəm, xanım.

Bunu hamı bəyəndi; bərkdən sevindilər, çünki onlar da mənim kimi bu sözlərin istehza ilə deyildiyini düşünürdülər. Yalnız pianoçunun səsi çıxmırdı; o başını aşağı əymişdi və sol əlinin şəhadət barmağını, qumların üstündə nə isə cızırmış kimi, oturduğu skamyanın üstündə gəzdirirdi. Titrəməyə başlamışdım və bunu biruzə verməmək üçün əllərimi şalvarımın ciblərinə soxdum. Aydın danışa bilmirdim, bütün sifətim ağlamağa hazır vəziyyətdə idi. Buna görə də sözlərimi elə seçməliydim ki, ağlamaq istəyirmişəm fikri məni dinləyənlərə gülünc görünsün.

– Xanım, – dedim, – mən indi pianoda çalmalıyam, çünki…

Səbəbini unutmuşdum, buna görə də dərhal pianonun arxasına keçib oturdum. Bu zaman öz vəziyyətimi yenidən anladım. Pianoçu ayağa qalxaraq incə bir hərəkətlə skamyanın üstündən adladı, çünki onun yolunu kəsmişdim.

– Xahiş edirəm, işıqları söndürün, mən yalnız qaranlıqda piano çalmağı bacarıram.

Dikəldim. Bu zaman iki cənab skamyadan yapışıb, fit çalaraq və məni sağa-sola yırğalayaraq, pianodan çox uzağa, yemək masasının yanına apardı.

Hamı bu hərəkəti bəyənmişdi, qız isə dedi:

– Gördünüzmü, xanım, çox gözəl çaldı. Mən bunu bilirdim, siz isə qorxurdunuz.

Anlamışdım; bacardığım kimi təzim edib, təşəkkür etdim.

Limonad süzdülər və qırmızı dodaqlı bir qız stəkanı götürüb, limonadı mənə içirtdi. Ev sahibəsi gümüş boşqabda qaymaqlı qoğal verdi və dümağ don geymiş bir qız qoğalı ağzıma qoydu. Gur və sarı saçlı gombul bir qız isə başımın üstündə üzüm salxımı tutmuşdu; mənə yalnız üzüm gilələrini qoparmaq qalmışdı, amma qız gözlərimin düz içinə baxırdı.

Mənimlə belə yaxşı davrandıqları üçün yenidən pianoya tərəf yönəlmək istəyərkən, əlbir olub mənə olmağa çalışdıqda, şübhəsiz ki, təəccübləndim.

– Yetər, bu qədər bəsdir, – bu vaxta qədər görmədiyim ev sahibi dedi. Sonra dərhal otaqdan çıxıb, qəribə bir silindr papaq və qəhvəyi rəngli güllü paltoyla geri qayıtdı. – Alın paltarlarınızı!

Doğrudur, bunlar mənim paltarlarım deyildi, amma onu yenidən zəhmətə salmaq istəmədim. Ev sahibi paltonu mənə özü geyindirdi; palto düz əynimə idi, arıq bədənimə kip oturmuşdu. Gülərüz bir qadın əyilib paltomun düymələrini bir-bir bağladı.

– Salamat qalın, – ev sahibəsi dedi, – tez-tez gəlin, çox ara verməyin. Bilirsiniz, həmişə gözümüzün üstündə yeriniz var.

Bu zaman orada olanların hamısı təzim etdi, sanki belə lazım idi. Mən də əyilib təzim etmək istədim, amma palto çox dar olduğu üçün bacarmadım. Buna görə də papağımı götürüb, yəqin ki, çox yöndəmsiz halda qapıdan çıxdım.

Lakin ürkək addımlarla qapıdan çıxar-çıxmaz Ayı və ulduzlarıyla, böyük qübbəli göy üzü, bələdiyyə sarayi, Məryəm sütunu və kilsəsiylə Dəyirmi meydan bir anda üstümə çökdü.

Sakitcə kölgədən kənara çəkilib, ay işığına çıxdım; paltomun düymələrini açıb, isindim; sonra əlimi qaldırıb gecənin uğultusunu susdurdum və düşünməyə başladım.

“Nə üçün elə görünməyə çalışırsınız ki, guya həqiqətən varsınız? Məni inandırmaq istəyirsiniz ki, yaşıl səki üzərində gülünc vəziyyət dayanmış mən əslində mövcud deyiləm? Amma sənin həqiqətən mövcud olduğun dövrlər çoxdan arxada qalıb, ey səma; Dəyirmi meydan, sənsə heç vaxt həqiqətdə var olmayıbsan.

Doğrudur, sizin hələ də mənim üzərimdə üstünlüyünüz var, amma yalnız sizi rahat buraxdığım zaman.

Ay, Allaha şükür ki, sən artıq ay deyilsən, amma bir vaxtlar ay dedikləri üçün səni ay adlandırmağım, bəlkə də mənim tərəfimdən diqqətsizlikdir. Sənə “qəribə rəngli kağız fənər” dedikdə niyə əvvəlki kimi lovğalanmırsan? “Məryəm Ana sütunu” desəm, nə üçün geri çəkilirsən? Ey Məryəm Ana sütunu, sənə isə “sarı işıq saçan Ay” dedikdə niyə əvvəlki təhdidkar duruşunda əsər-əlamət də qalmır?

Mənə elə gəlir ki, sizin haqqınızda düşünmək xeyrinizə deyil, çünki cəsarət və sağlamlığınızı itirirsiniz.

İlahi, düşünən adam sərxoşdan dərs alsaydı, bu nə faydalı olardı!

Niyə hər yan səssizliyə qərq olub, görəsən? Yəqin, külək dayanıb. Və çox vaxt sanki kiçik təkərlər üzərində meydanda oyan-buyana gedən daxmalar indi yerə mıxlanmış kimi səssiz-səmirsiz dayanıb… Başqa vaxt onları yerdən ayırdan incə və qara xətt indi qətiyyən seçilmir”.

Bunları ağlımdan keçirmişdim ki, qaçmağa başladım. Maneə ilə qarşılaşmadan böyük meydanın ətrafına üç dəfə dolandım və heç bir sərxoşa rast gəlmədiyim üçün sürətimi azaltmadan və yorğunluq hiss etmədən Karl küçəsinə sarı götürüldüm. Çox vaxt məndən qısa olan kölgəm sanki evlərlə səki arasındakı çuxurla irəliləyirək, divar boyunca mənimlə yanaşı qaçdı.

Yanğınsöndürmə idarəsinin yanından keçərkən, kiçik meydan tərəfdən bir səs eşitdim, o yana döndükdə fəvvarə barmaqlığının qarşısında bir sərxoşun dayandığını gördüm; qollarını yana açıb, taxta başmaqlı ayaqlarını yerə vururdu.

Nəfəsimi dərmək üçün bir az dayandım, sonra ona yaxınlaşıb silindr papağımı çıxardım və özümü təqdim etdim:

– Axşamınız xeyir, alicənab ağam, mənim iyirmi üç yaşım var, amma hələ adım yoxdur. Siz isə heyrətli, hətta melodik bir adla, şübhəsiz ki, o böyük şəhər Parisdən gəlirsiniz. Sizdən Fransanın əxlaqsız sarayının qoxusu gəlir. Siz yəqin ki, paltarlarının ətəkləri pillələrin üstünə yayılan və bir ucu da bağçadakı qumların üstünə sərilən, amma özləri çoxdan hündür və açıq heyvanda dayanmış, incə belləri ilə dönüb lovğa-lovğa arxaya baxan o möhtəşəm xanımları öz gözlərinizlə görübsünüz, elə deyilmi; boz rəngli dar frak və ağ şalvar geymiş nökərlər nizamla basdırılmış uzun dirəklərə çıxır, ayaqlarını dirəklərə dolayıb bellərini arxaya ya da yana əyirlər ki, yoğun kəndirlərlə nəhəng və boz pərdələri yerdən qaldırıb yuxarıya çəksinlər, çünki möhtəşəm xanım dumanlı bir səhər arzu etmişdir.

O gəyirdiyi üçün demək olar ki, qorxa-qorxa soruşdum:

– Ağam, doğrudanmı, o bizim Parisdən buraya gəlibsiniz? Doğrudanmı, o fırtınalı Parisdən, romantik xəyallar qasırğasından buraya gəlibsiniz?

O yenə gəyirdikdə sıxıla-sıxıla dedim:

– Bilirəm, sizə rast gəlmək mənim üçün böyük şərəfdir.

Paltomun düymələrini tələsə-tələsə bağlayaraq, hərarətlə, amma çəkinə-çəkinə davam etdim:

– Bilirəm, məni cavaba layiq görmürsünüz, amma bu gün bunları sizdən soruşmasaydım, daim qəmgin bir həyat yaşayacaqdım. Qəşəng geyimli ağam, xahiş edirəm deyin, bu danışılanlar doğrudurmu? Sadəcə bər-bəzəkli geyimlərdən ibarət adamlar varmı Parisdə? Sonra küçə qapısından başqa qapıları olmayan evlər varmı? Doğrudanmı, yay günlərində şəhərin səması açıq mavi rəngdə olur və hamısı ürək formasında olan ağ və sıx buludlarla bəzənir? Bəs, içərisində ağaclardan başqa bir şey olmayan və ziyarətçilərlə dolub-daşan bir muzey varmı orada? Doğrudanmı, bu ağaclara vurulmuş lövhələrdə ən məşhur qəhrəmanlar, cinayətkarlar və sevgililərin adları yazılıb? Hə, bir də bu xəbərlər! Açıq-aşkar yalan olan bu xəbərlər! Doğrudanmı, Parisin küçələri qəfildən bir neçə küçəyə ayrılır və bu küçələr səs-küylüdür, hə? Hər şey həmişə öz qaydasında getməz ki, axı bu mümkün deyil! Bəzən bədbəxt bir hadisə olur və səki daşlarına xəfifcə toxunan iri paytaxt addımlarıyla qonşu küçələrdən axışan insanlar bir yerə toplanır; hamısı maraq içindədir, amma məyus olmaqdan da qorxurlar. Tez-tez nəfəs alır və kiçik başlarını irəli uzadırlar. Amma bir-biriləri ilə toqquşduqda baş əyib, üzr istəyirlər. “Çox təəssüf edirəm… bilmədən oldu… basabasdır, bağışlayın, xahiş edirəm… mənim təqsirimdən oldu… boynuma alıram. Mənim adım… adım Jerom Faroşdur, Ryu de Kaboten küçəsində dükanım var… icazə versəniz, sizi sabah günorta yeməyinə dəvət etmək istəyirəm… arvadım da çox sevinər”. Bax, beləcə dayanıb danışırlar; küçə uğultu içindədir, bacalardan çıxan tüstü isə evlərin arasına çökür. Yəqin ki, belədir. Bəs, ola bilərmi ki, zadəganlar məhəlləsinin adamla dolu bulvarında birdən iki araba dayansın; ciddi görkəmli nökərlər qapıları açsınlar? Səkkiz cins qurdbasan it arabalardan aşağı tullanıb, hürə-hürə səki ilə qaçsın? Və sonra da deyilsin ki, bunlar Parisin lovğa, qiyafələrini dəyişmiş ədabaz gəncləridir?

Gözlərini yummuşdu. Mən susduqda, əllərini ağzına soxub alt çənəsini dartmağa başladı. Paltarı başdan-ayağa kir içindəydi. Bəlkə də, pivəxanadan qovmuşdular onu, amma bunu hələ dərk etmirdi.

Bu, yəqin ki, gecə ilə gündüz arasında olan sakit və qısa bir fasilə idi; bu vaxt başımız biz gözləmədiyimiz halda qabağa sallanar, biz hiss etməsək də, ətrafa baxmadığımız üçün hər şey mürgüləyər və sonra da yox olub gedər. Biz isə belimizi bükərək tək qalar, sonra gözlərimizi açıb baxdıqda heç bir şey görməz, hətta havanın müqavimətini də hiss etmərik, amma xatırlayarıq ki, bizdən bir az aralıda evlər var və xoşbəxtlikdən, evlərin damında dördkünc bacalar var; bacalardan evlərin içinə yağan qaranlıq tavanlardan keçərək müxtəlif otaqlara tökülür. Və nə qədər ağlasığmaz olsa da, sabah hər şeyin göründüyü yeni bir gündüzün başlayacağı nə böyük xoşbəxtlikdir!

Sərxoş birdən qaşlarını çatdı; qaşlarıyla gözləri arasında bir parıltı əmələ gəldi, sonra qırıq-qırıq danışmağa başladı:

– Bilirsinizmi, mənim yuxum gəlir… anlayırsızmı, yuxum gəldiyi üçün gedib yatacağam. Kürəkənim Vaslav meydanında yaşayır, anlayırsızmı, oraya gedəcəyəm, çünki kürəkənimlə qalıram, yatağım ordadır çünki, elə bu saat gedəcəyəm… Amma adı nədir kürəkənimin, harada yaşayır bilmirəm, anlayırsızmı… yəqin, unutmuşam… Boş şeydir, məsələ burasındadır ki, ümumiyyətlə kürəkənim varmı, onu da bilmirəm… Elə bu saat gedirəm, anlayırsızmı… sizcə onu tapa biləcəyəm?

Fikirləşmədən cavab verdim:

– Əlbəttə. Amma siz yad ellərdən gəlirsiniz, nökərləriniz də təsadüfən sizinlə deyil. İcazə verin, sizi mən ötürüm.

Cavab vermədi. İşarə etdim ki, yaxınlaşıb qoluma girsin.



d) Gombul ilə ibadətkar arasındakı söhbətin davamı


Mənsə bir müddət idi ki, özümü ürəkləndirməyə çalışırdım. Bədənimi ovuşdurub öz-özümə dedim: “Vaxtdır, artıq sən nə isə deməlisən. Hələ indidən özünü itiribsən. Bəlkə ürəyin sıxılır? Dayan bir! Axı, belə vəziyyətlər sənə tanışdır. Tələsmədən düşün, ölç-biç. Narahat olma, ətrafındakılar da gözləyər.

Hər şey keçən həftəki qonaqlıqda olduğu kimidir. Bir nəfər kağızlara köçürdüyü mətndən nə isə oxuyurdu. Səhifələrdən birini onun xahişi ilə mən yazmışdım. Onun yazdığı səhifələrin aşağısında öz imzamı gördükdə qorxuram. Bu heç bir şeyə sığmır. Masanın üç tərəfindən kağızların üstünə əyilirlər. Ağlaya-ağlaya and içirəm ki, bunlar mənim imzam deyil.

Axı, bugünkünə nə ilə bənzəyir, bu? Söhbətin məqsədəuyğun alınması səndən asılı deyilmi? Hər şey səssiz-səmirsizdir. Səbr elə, əzizim! Axı, nəsə bir bəhanə tapa bilərsən. Deyə bilərsən ki: “Yuxum gəlir. Başım ağrıyır. Mən getdim”. Tez ol, cəld ol! Göstər özünü!.. Nə olub? Yoxa yenə əngəl var, maneələr var? Yadına nə düşür?.. Nəhəng səmaya qarşı Yer üzünün qalxanı kimi yüksələn bir yaylanı xatırlayıram. Onu dağdan görmüşdüm, oradan keçmək üçün yola düşmüş və nəğmə oxumağa başlamışdım”.

Dodaqlarım qupquru idi və sözümə baxmırdı; bu an dedim:

– Başqa cür yaşamaq olmazmı?

– Yox, – dedi, sual dolu təbəssümlə.

Mənimlə onun arasında olan və o vaxta qədər sanki yuxuda dayaq verib saxladığım hər şey uçub-dağılarkən: – Nə üçün axşamlar kilsədə dua edirsiniz? – deyə soruşdum.

– Yox, bu barədə danışmasaq yaxşı olmazmı? Heç kəs, tək yaşayırsa, axşamlar məsuliyyət daşımır. Çox şeydən qorxursan. Birdən cismanilik yox olub gedərsə, ya insanlar həqiqətən alatoranlıqda göründükləri kimidirsə? Əl ağacı olmadan yerimək mümkün olmazsa? Bəlkə, insanların baxışları altında cismanilik qazanmaq üçün doğrudan da kilsəyə gedib, ucadan dua etmək lazımdır?

O belə danışıb susduğu üçün cibimdən qırmızı dəsmalımı çıxarıb, belimi bükərək ağladım.

Ayağa qalxıb məni öpdü və dedi:

– Niyə ağlayırsan? Boyun ucadır, ucaboy xoşuma gəlir, uzun barmaqlarınızı istədiyiniz kimi hərəkət etdirirsiniz, niyə bunlara sevinmirsiniz? Sənə bir məsləhətim var, həmişə qollarına qara manjetlər tax… Yox… mən səni tərifləyirəm, sənsə yenə ağlayırsan? Axı, sən həyatın ağırlığını daşımağı bacaran adamsan.

Bax, biz əslində lazımsız olan müharibə maşınları düzəldirik, qüllələr, divarlar inşa edirik, ipək pərdələr hazırlayırıq. Vaxtımız olsaydı, bunların hamısına təəccüblənərdik. Və özümüzü boşluqda saxlaya bilirik, yıxılmırıq, yarasalardan çirkin olsaq da, uçmağa çalışırıq. Və gözəl bir gün heç kəs: “İlahi, bu gün nə gözəl bir gündür” deməyimizə mane ola bilməyəcək; çünki yer üzünə yerləşdikdən sonra, öz razılığımızla burada yaşamağa davam edirik.

Biz qardakı ağac kötükləri kimiyik. Onlar torpağın üzərinə qoyulmuş kimi görünür və adama elə gəlir ki, yüngül bir təkanla bu kötükləri yerindən tərpətmək olar. Amma yox, bu mümkün deyil, çünki onlar torpağa möhkəm bağlıdırlar. Amma hətta bu da yalnız zahirən belə görünür.

Düşüncələr ağlamağıma mane olurdu: “İndi gecədir, heç kəs bu an deyəcəyim sözlərə görə sabah məni qınaya bilməz, çünki bunları yuxuda da danışa bilərəm”.

Sonra dedim:

– Bəli, hamısı doğrudur, amma biz nədən danışırdıq? Göy üzündəki işıqlardan danışa bilməzdik axı, çünki binanın giriş qapısından içəri keçib dayanmışdıq. Yox… bu barədə də danışa bilərdik, əgər azad danışa biliriksə, heç bir hədəfə və həqiqətə can atmasaq da, bunu sadəcə zarafat və əylənmək üçün edirik. Siz bağçadakı qadının hekayətini mənə bir dəfə də danışa bilərsizmi? Nə füsunkar, nə ağıllı bir qadındır bu! Özümüzü onun kimi aparmalıyıq. O mənim çox xoşuma gəlir! Sizi görüb güdməyim də xoş bir təsadüfdür. Sizinlə söhbət etməkdən böyük zövq aldım. Bəlkə də indiyə qədər qəsdən öyrənmədiyim bəzi şeyləri sizdən eşitdim.

Razı görünürdü. İnsan bədəninə toxunduqda özümü həmişə pis hiss etsəm də, onu qucaqlamalı idim.

Sonra binanın giriş qapısından açıq havaya çıxdıq. Dostum bir neçə bulud parçasını üfləyib kənara itələdiyi üçün qarşımızda ulduzlu ənginlik açılmışdı. Dostum zorla yeriyirdi.



e) Gombulun ölümü


Hər şey birdən-birə hərəkətə gəlib, sürətlə uzaqlara çəkildi. Çayın suları yarğandan aşağı yönəldi, amma axıb getməməyə çalışdı, uçurumun çatlaq və çopur kənarında bir müddət ləpələndikdən sonra dumanlı damcı topası kimi dalğa-dalğa aşağı yuvarlandı.

Gombul daha danışa bilmirdi; suyun içində bilaixtiyar dövrə vuraraq, sürətlə axan uğultulu şəlalədə yoxa çıxdı.

Ömrümdə çox əyləncələr görmüş mən sahildə dayanıb buna baxırdım.

– Ağciyərlərimiz nə edə bilər ki! – deyə qışqırdım, – Tez-tez nəfəs alsanız, özünüz, öz içinizdəki zəhərdən boğulacaqsınız, yavaş nəfəs alsanız, tənəffüs üçün yararsız havadan, təlatümə gəlmiş nəsnələrdən boğulacaqsınız. Uyğun tempi axtarmağa başlasanız, elə bu axtarış üzündən həlak olacaqsınız.

Bu zaman çayın sahili hədsiz dərəcədə genişləndi, bununla belə, ovcumun içi ilə uzaqdan çox kiçik görünən yol işarəsinin dəmir lövhəsinə toxundum. Bunu anlaya bilmədim. Axı, boyum qısa idi və sanki həmişəkindən daha qısa görünürdü, buna görə də möhkəm silkələnən ağ giləmeyvəli kol məndən xeyli hündür idi. Gözümdən qaçmamışdı bu, çünki elə indicə kolun yanından keçmişdim.

Bununla belə yanılmışdım; çünki əllərim o qədər nəhəng idi ki, geniş bir ərazinin üstünə çökmüş yağış buludlarına bənzəyirdi; amma onlardan daha tələskən idi. Bilmirəm, onlar mənim zavallı başımı nə üçün əzmək istəyirdilər.

Axı, mənim başım qarışqa yumurtası boyda ancaq olardı, amma bir az zədələndiyi üçün tam yumru deyildi. Onu yazıq-yazıq fırlatmağa başladım, çünki gözlərimdəki ifadəni ayırd etmək mümkün deyildi; bu qədər kiçik idi gözlərim.

Amma ayaqlarım, bu əcaib ayaqlarım meşəli dağların üzərində dincəlir və kənd ovalıqlarına kölgə salırdı. Onlar böyüyürdülər, dayanmadan böyüyürdülər! Və heç bir ərazinin olmadığı boşluğa doğru uzanmağa başlamışdılar, uzunluqları isə mənim görmə həddimi çoxdan aşmışdı.

Amma yox, elə deyil… mən balacayam, hələlik boyum qısadır… və yuvarlanıram… yuvarlanıram… dağlarda qar uçqunuyam! Ey yoldan keçənlər, xahiş edirəm deyin, mənim boyum nə qədərdir; bu qollarımı, ayaqlarımı ölçün, nə olar…




III


– Axı, bu necə olur? – mənimlə qonaqlıqdan çıxıb, Laurenziberq dağına gedən cığırların birində sakitcə yanımda yeriyən tanışım dedi. – Bir dəqiqə ayaq saxlayın ki, bunu dərk edə bilim… Bilirsizmi, mən bir işi başa çatdırmalıyam. O qədər çətindir ki… doğrudur, aydın gecədir, amma hava soyuqdur, üstəlik bəzən adama elə gəlir ki, qəzəbli külək bu akasiya ağaclarının yerini dəyişdirir.

Bir az qarla bəzənmiş bağban evinin Ay işığındakı kölgəsi maili yola düşmüşdü. Qapının yanındakı skamyanı gördükdə əlimi qaldırıb göstərdim; çünki cəsarətim yox idi və məzəmmət ediləcəyimi gözləyirdim, buna görə də sol əlimi sinəmin üstünə qoydum.

Tanışım qəşəng geyiminə heyfi gəlmədən qəmgin halda skamyada oturdu, dirsəklərini budlarının üstünə qoyub, alnını barmaqlarının uclarına dayayaraq məni təəccübləndirdi.

– Bəli, indi bunları söyləyəcəyəm. Bilirsinizmi, mən nizamlı həyat sürürəm, həyatımda heç bir şeyə irad tutmaq mümkün deyil, hər şey öz qaydasında gedir. İçində olduğum mühitin çoxdan alışdığı bədbəxtlik, ətrafımın və özümün də məmnuniyyətlə baxıb gördüyümüz kimi, məndən də yan keçmədi və sonra bu ümumi xoşbəxtlik özünü çox gözlətmədi, bəzən mən özüm də dar çevrədə bu xoşbəxtlik haqqında danışdım. Bəli, indiyə qədər əsl məhəbbətlə heç kəsi sevməmişdim. Bəzən buna təəssüf edir, amma çətin vəziyyətə düşdükdə sevdiyimi söyləyərdim. Amma indi bunu deməyə məcburam: bəli, mən aşiq olmuşam və yəqin ki, eşqin həyəcanı içindəyəm. Mən ehtiraslı aşiqəm, əlbəttə, qızlar beləsini arzulayırlar. Amma əvvəldən məndə olan bu çatızmazlığın əlaqələrimə tamamilə şən və əyləncəli bir istiqamət verdiyini unuda bilərdimmi?

– Sakit olun, – yalnız özüm haqqında düşünərək sakitcə dedim. – Axı, eşitdiyimə görə, sizin sevgiliniz gözəldir.

– Bəli, gözəldir. Onunla yanaşı oturduqda həmişə bunu düşünürəm: “O qədər cəsarətliyəm ki, təhlükəli olsa da, götürqoy etmədən dərhal dəniz səyahətinə çıxaram, çəllək-çəllək şərab içərəm”. Amma qız güldükdə, sənin gözlədiyinin əksinə, dişlərini göstərmir, sadəcə ağzının qaranlıq, dar, uzunsov boşluğunu görmək olur. Gülərkən başını arxaya əysə də, bu cür ağız boşluğu hiyləgərlik və qocalıq əlamətidir.

– Elədir, – köks ötürərək dedim, – yəqin, bunu mən də görmüşəm, çünki gözəçarpan bir şeydir bu. Amma məsələ təkcə bu deyil. Ümumiyyətlə, qızların gözəlliyi tez gözə çarpır! Çox vaxt hər cür büzmə, naxış, saçaqlarla bəzədilmiş gözəl bir donu gözəl bir bədəndə gördükdə, bunların uzun müddət belə qalmayacağını, heç vaxt itib-getməyən qırışlarla və barmaq qalınlığında tozla örtüləcəyini, heç kəsin özünü bu bahalı libası hər gün səhər geyib axşam çıxarmaq qədər miskin və gülünc bir vəziyyətə salmaq istəməyəcəyini düşünürəm. Elə qızlar görürəm ki, gözəl olmağına gözəldirlər; zərif əzələləri, incə topuqları, hamar dəriləri, ipək kimi gur saçları var, amma hər gün eyni görkəmdə, təbiətin bəxş etdiyi bu maskarad libasında boy göstərir, hər gün eyni üzü eyni əllərin içinə qoyub güzgüyə baxırlar. Yalnız bəzi axşamlar hansısa əyləncədən evə gec qayıdıb güzgüyə baxdıqda, üzləri onlara yorğun, şişkin, toz basmış, hamı tərəfindən görülmüş və daşımaq üçün artıq yararsız kimi görünür.

– Amma yol boyunca tez-tez sizdən bu qızı gözəl hesab edib-etmədiyinizi soruşurdum, siz isə başınızı yana çevirib, cavab vermirdiniz. Bəlkə, pis niyyətə düşübsünüz? Niyə mənə təsəlli vermirsiniz?

Ayaqlarımı kölgənin içinə qoydum və nəzakətlə dedim:

– Sizə təsəlli vermək lazım deyil. Siz ki sevilirsiniz.

Soyuq dəyməsin deyə, mavi üzüm naxışları ilə bəzədilmiş cib dəsmalımı ağzıma tutdum.

O mənə sarı dönüb, gombul üzünü skamyanın arxasına söykədi.

– Bilirsinizmi, mənim hələ vaxtım var; bu təzəcə başlamış sevgiyə rəzil bir hərəkətlə və ya xəyanət etməklə, ya da uzaq bir ölkəyə getməklə son verə bilərəm. Axı, düzünə qalsa, bilmirəm, bu həyəcanı yaşamağa dəyərmi? Ortada qəti bir şey yoxdur, heç kim bu işin istiqamətini və müddətini dəqiq deyə bilməz. Əgər sərxoş olana qədər içmək üçün pivəxanaya gedirəmsə, bilirəm ki, həmin axşam sərxoşluqdan ayılmayacağam. Amma mənim vəziyyətimə baxın! Bir həftədən sonra şəhəri tərk edib gəzməyə getmək istəyirik, ailəvi dostlarımıza baş çəkəcəyik, bu insanın qəlbində iki həftə boyunca fırtınalar qoparmazmı? Bu axşamın öpüşləri azğın röyalara yol açmaq üçün mənə yuxu gətirir. Buna müqavimət göstərmək üçün gecə gəzintisinə çıxıram, amma həyəcanım keçib getmir, sifətim sanki küləyin zərbələrini yemiş kimi gah od tutub yanır, gah da soyuqdan üşüyür; əlimi cibimdəki çəhrayı lentə toxundururam, təşviş içindəyəm, amma bu təşvişin səbəbini anlaya bilmirəm, hətta sizə də səbr edirəm, cənab, başqa vaxt olsaydı, sizinlə bu qədər uzun danışmazdım.

Çox üşüyürdüm, göy üzü də yavaş-yavaş ağarmağa başlamışdı.

– Buna nə uzaq ölkəyə getmək, nə rəzil bir hərəkət, nə də xəyanət kömək edər. İntihar etməli olacaqsınız, – dedim və gülümsədim.

Qarşı tərəfdə, xiyabanın o biri başında iki kol vardı; bu kolların arxasında, aşağıda isə şəhər uzanırdı və hələ bir az işıqlı idi.

– Yaxşı, qoy belə olsun! – deyə bağıraraq, möhkəm yumruğunu skamyaya çırpdı və dərhal əlini açdı, – siz isə yaşayacaqsınız, özünüzü öldürməyəcəksiniz. Sizi heç kəs sevmir. Əlinizdən heç bir iş gəlmir. Bir an sonraya belə hökm edə bilmirsiniz. Belə olduğunuz halda hələ mənimlə də danışırsınız, əclaf adamsınız siz! Sevə bilmirsiniz, qorxudan başqa heç bir şey sizi həyəcanlandırmır. Mənim sinəmə baxın bir!

Tez paltosunun, jiletinin, köynəyinin düymələrini açdı. Sinəsi həqiqətən geniş və gözəl idi.

Mən danışmağa başladım:

– Bəli, bu cür inadkarlıqlara bəzən rast gəlirik. Bu yay bir kəndə getmişdim. Kənd çayın kənarında yerləşirdi. Yaxşı yadımdadır, çox vaxt sahildəki skamyada yöndəmsizcə otururdum. Yaxınlıqda bir otel də vardı və bu oteldən tez-tez skripka səsi gəlirdi. Qolu zorlu gənclər bağçadakı masanın arxasında oturub, pivə içə-içə ovdan və başqa macəralardan danışırdılar. Bundan əlavə, qarşı sahildə dumanlı dağlar görünürdü.

Bu zaman ağzımı əyib ayağa qalxdım, skamyanın arxasındakı çəmənliyə keçdim, üstü qarla örtülü bir neçə kiçik budaq sındırıb tanışımın qulağına pıçıldadım:

– Boynuma alıram, nişanlıyam.

Tanışım ayağa qalxdığıma təəccüblənməmişdi.

– Nişanlısınız?

O doğrudan da qəribə şəkildə oturmuşdu, bədəninin bütün ağırlığını skamyanın arxasına salmışdı. Sonra şlyapasını çıxardı; yumru başını boynundan kəskin bir xətlə ayıran xoş ətirli və yaxşıca daranmış saçlarını gördüm; bu qış belə saçlar dəbdə idi. Ona bu cür ağıllı cavab verməyimə sevinirdim. “Bəli, – öz-özümə dedim, – çevik boynu və sərbəst qolları ilə cəmiyyət içində necə gəzir, görəsən. O xoş danışaraq bir xanımı zalın içərisindən keçirə bilər; evin qarşısında yağış yağır, ya da kimsə orada ürkək-ürkək dayanıb, yaxud təəssüf doğuran başqa bir şey olub, – bütün bunlar onu qətiyyən narahat etməz. Yox, bu adam bütün xanımların qarşısında eyni incəliklə təzim edə bilir. Amma indi burada sakitcə oturub”.

Tanışım kətan dəsmalını çıxarıb alnında gəzdirdi.

– Xahiş edirəm, – dedi, – əlinizi bircə dəqiqəliyə alnıma qoyun. Rica edirəm.

Onun dediyini dərhal etmədiyim üçün yalvarırcasına əllərini bir-birinə sıxdı.

Sanki dərd-sərimiz hər şeyi qaraltmışdı, təpənin yuxarısında kiçik bir otaqdaymışıq kimi oturmuşduq, halbuki sübhün gəlişini xəbər verən aydınlığı və səhər yelini çoxdan sezmişdik. Bir-birimizi xoşlamasaq da, yanaşı oturmuşduq, amma bir-birimizdən uzaqlaşa bilməzdik, çünki ətrafımızda möhkəm divarlar vardı. Amma biz özümüzü gülünc və ləyaqətsiz apara bilərdik, çünki üstümüzdəki budaqlardan və qarşımızdakı ağaclardan utanmağımız lazım deyildi.

Bu zaman tanışım tərəddüd etmədən cibindən qatlama bıçaq çıxardı, fikirli-fikirli onu açdı, sanki oyun oynayırmış kimi sol qolunun yuxarısına sapladı və elə də saxladı. Dərhal qolundan qan fışqırdı; yumru yanaqları saralmışdı. Bıçağı çəkib çıxardım, paltosunun və frakının qolunu kəsib, köynəyinin qolunu da yuxarıdan aşağıya cırdım. Sonra mənə kömək edə biləcək birini tapmaq ümidi ilə yoldan aşağı yüyürüb geri döndüm. Ağaclardakı bütün budaqlar açıq-aydın seçilirdi və tərpənmirdi. Sonra dərin yaranı sormağa başladım. O anda bağbanın evi gəldi ağlıma. Evin sol tərəfinə aparan çəmənlik yoxuşu qaça-qaça çıxıb, qapı və pəncərələri tələsə-tələsə gözdən keçirdim. Evdə heç kəsin yaşamadığını dərhal anlamışdım, bununla belə hirsimdən ayaqlarımı yerə döyərək zəngi çaldım. Sonra geri qayıdıb nazik şırnaqla qan axan yaraya baxdım. Tanışımın dəsmalını qarda isladıb, qolunu birtəhər sarıdım.

– Nə etdin sən, əzizim, – deyindim, – mənim ucbatımdan özünü yaraladın. Sənin gözəl imkanın var, yaxşılıqların əhatə-sindəsən, qəşəng geyimli insanların masa arxasında və dağ yollarında tez-tez göründüyü gündüz vaxtı gəzməyə gedə bilərsən. Düşün bir, yazda arabaya minib meyvə bağlarına gedəcəyik; amma yox, təəssüf ki, biz yox, sən Annerllə gedəcəksən, sevinərək, gülüb-oynayaraq. Hə, hə, inan mənə, xahiş edirəm, Günəş də sizi ən gözəl şəkildə hamıya göstərəcək. Musiqi də olacaq, uzaqdan atların ayaq səsləri eşidiləcək, dərd-qəmə yer qalmayacaq, hay-küy qopacaq, xiyabanlarda qarmonlar çalınacaq.

– Aman tanrım! – tanışım dedi; ayağa qalxaraq mənə söykəndi; və yola düşdük, – Axı, bu kömək deyil! Məni sevindicərək heç bir şey yoxdur. Bağışlayın. Gecdir artıq? Bəlkə, sabah səhər-səhər bəzi işləri görməli oldum. Aman tanrım!

Divarın yanında yanan fənər ağac gövdələrinin kölgəsini yolun və qarın üstünə salır, müxtəlif ölçülü budaqların əyri-üyrü, sınıq-salxaq kölgələri isə yamaca düşürdü.




KƏNDDƏ TOY HAZIRLIĞI





I


Girişdən keçib qapının önünə çıxan Eduard Raban yağış yağdığını gördü. Narın yağış idi.

Qarşısındakı səkidə nizamsız addımlarla yeriyən çoxlu insan vardı. Bəziləri yolun o biri tərəfinə keçirdi. Balaca bir qız irəliyə uzatdığı əllərində yorğun itini aparırdı. Öz aralarında söhbət edən iki cənabdan biri ovuclarını yuxarı tutaraq, sanki nə isə dartırmış kimi qollarını qaldırıb endirirdi. Bu zaman şlyapası lent, toqqa və güllərlə bəzədilmiş bir xanım göründü. Sağ əlində incə bir əl ağacı tutmuş və sol əlini isə iflic adamlar kimi sinəsinə sıxmış bir gənc tələsə-tələsə onun ardınca getdi. Siqaretlərinin tüstüsü uzunsov və kiçik buludlar kimi göyə qalxan kişilər də hərdən gözə dəyirdi. Üç cənab, – bunlardan ikisi yüngül paltolarını qollarının üstünə atmışdı, – dayandıqları divarın yanından ayrılıb küçəyə yaxınlaşır, ətrafa göz gəzdirir, sonra söhbət edə-edə geri qayıdırdı.

Gəlib-keçənlərin arasından yola səliqə ilə döşənmiş daşlar görünürdü. Boyunlarını irəli uzadan atlar hündür və incə təkərlər üzərindəki arabaları çəkirdi. Yumşaq oturacaqlarda əyləşmiş insanlar səssizcə piyadalara baxır, küçədəki mağazalara, evlərə və göy üzünə tamaşa edirdilər. Arabalardan biri digərini ötüb keçdikdə, atlar bir-birinə sıxılır, qoşqu qayışları aşağı sallanırdı. İrəlidəki arabanı ötüb keçənə qədər heyvanlar dişləni dartır, arabalar yırğalana-yırğalana sürət götürürdü, sonra atlar yenə öz aralarında məsafə saxlayaraq, uzunsov başlarını bir-birinə tərəf çevirirdi.

Bir neçə nəfər qaça-qaça gəlib, girişin yanında quru qalmış mozaik küçə daşlarının üstündə dayandı; və yavaş-yavaş geriyə boylanıb, göydən qarmaqarışıq şəkildə bu dar küçəyə yağan yağışa baxdı.

Raban özünü yorğun hiss edirdi. Dodaqları, Mavritaniya naxışları ilə bəzədilmiş enli qalstukunun rəngi kimi solğun idi. Qarşıdakı evin daş çıxıntısına söykənərək, donunun ətəklərini yığıb ayaqqabılarını gözdən keçirən bir qadın indi ona baxırdı. Amma özünü saymazlığa vurmuşdu, bəlkə də heç Rabana baxmırdı, onun düz qarşısına yağan yağışa, ya da başının üzərində divardan asılmış şirkət adlarına göz gəzdirirdi. Rabana elə gəldi ki, qadının baxışlarında təəccüb var. “Əgər hər şeyi ona danışa bilsəydim, – deyə düşündü, – yəqin təəccüblənməzdi. İnsan iş yerində o qədər yorulur ki, məzuniyyətə çıxdıqda yaxşıca dincəlməyə halı qalmır. Lakin heç bir iş insana hamıdan onu sevməyi tələb etmək üçün haqq vermir, yox, o tənhadır, başqaları üçün yaddır və sadəcə maraq obyektidir. Nə qədər ki, “mən” demək əvəzinə “insan” deyirsən, hər şeyi asanlıqla danışa bilərsən, lakin o insanın sən özün olduğunu etiraf etdikdə dəhşət içində qalırsan”.

Raban dizlərini büküb dama-dama kətanla üzlənmiş çamadanını yerə qoydu. Yağışın suyu küçənin kənarları ilə çay kimi axıb, sürətlə arxlara tökülürdü. “Əgər mən özüm “insan”la “mən” arasında fərq qoyuramsa, başqalarından şikayətlənməyə haqqım varmı? Yəqin, onları ədalətsiz adlandırmaq olmaz, amma çox yorulduğum üçün hər şeyi tam dərk etməyə də bilərəm. O qədər yorğun idim ki, yol yaxın da olsa, vağzala qədər getməyə çətinlik çəkirdim. Axı, nə üçün bu qısa məzuniyyətimdə şəhərdə qalıb dincəlməyim? Bu sadəcə ağılsızlıqdır… Axı, bilirəm ki, yolda xəstələnəcəyəm. Qalacağım otaq da rahat olmayacaq, kənddə başqa cür mümkün deyil. Üstəlik, iyunun əvvəli olduğu üçün kənd havası çox sərin olacaq. Doğrudur, bunu nəzərə alaraq geyinmişəm, amma axşamlar gəzintiyə çıxan insanlara mən də qoşulmalı olacağam. Orada kiçik göllər var və kənd camaatı adətən bu göllərin ətrafında gəzişir. Yəqin ki, soyuqlayacağam. Amma söhbətlərə çox da qarışmayacağam. Mən bu gölləri uzaq ölkələrdəki göllərlə müqayisə edə bilmərəm, çünki o yerlərə getməmişəm. Ay haqqında danışıb xoş hisslər duymaq, daş yığınının üstünə çıxıb xam xəyallar qurmaq üçünsə çox qocayam; belə etsəm, hamı mənə gülər”.

İnsanlar başlarını aşağı əyib, tünd rəngli çətirlərini yuxarı qaldıraraq yaxınlıqdan keçib gedirdilər. Bu zaman bir yük arabası göründü; samanla dolu qozladakı arabaçı ayaqlarını elə rahatca uzatmışdı ki, bir ayağı az qala yerə dəyir, digər ayağı isə samanın içinə girmişdi. Elə bil, günəşli havada çöldə dincəlirdi. Lakin cilovu diqqətlə tutmuşdu ki, üstünə dəmir çubuqlar yığılmış araba tünlüyün arasından xətərsiz keçsin. Çubuqların əksi gah yerdəki sulara düşüb qıvrılır, gah da islanmış daşların üstü ilə yavaş-yavaş sürüşürdü. Qarşı tərəfdəki qadının yanında dayanmış uşaq bağbanlıq edən kəndlilər kimi geyinmişdi. Onun gen və uzun ətəkli ləbbadəsini qoltuğunun altından bağlanmış dəri kəmər saxlayırdı; gözlərinin üstünə düşmüş, yarımkürə formasında olan papağının yuxarısındakı qotaz sol qulağına qədər sallanmışdı. Yağış onu sevindirirdi. Giriş qapısından kənara qaçıb, yağışda daha çox islanmaq üçün papağını çıxardı və göyə baxdı. Gölməçələrin içində tullanıb-düşərək suyu ətrafa sıçratdığı üçün yoldan keçənlər onu bərk danladı. Nəhayət, qadın onu yanına çağırıb əlindən tutdu, amma uşaq da daha dəcəllik etmədi.

Raban birdən təşvişə düşdü. Bəlkə gecikib? Həm paltosunun, həm də pencəyinin qabağı açıq olduğundan tezcə saatını çıxardı. Saat dayanmışdı. Bir az arxada dayanmış qonşusundan saatı soruşdu. Qonşusu biri ilə söhbət edirdi və gülüşünü kəsmədən Rabana tərəf dönüb “Beşə işləyir” dedi və tez də başını çevirdi.

Raban cəld çətirini açıb çamadınını götürdü. Küçəyə çıxmışdı ki, harasa tələsən bir neçə qadına yol verməli oldu. O anda balaca bir qızın həsir şlyapası gözünə sataşdı; qırmızı rəngli şlyapanın əyri kənarlarına yaşıl lent bağlanmışdı.

Getmək istədiyi səmtə qalxan yoxuşlu yola çıxdıqda qızın şlyapası hələ gözlərinin qarşısındaydı. Sonra bunu yavaş-yavaş unutdu, çünki diqqətini cəmləməli və var gücünü ortaya qoymalı idi; çamadan yüngül deyildi, qarşıdan əsən külək isə paltosunun ətəyini qaldırır, çətirinin tellərini içəriyə əyirdi.

Çətinliklə nəfəs alırdı; yaxınlıqdakı meydandan saat səsi eşidildi, beşə on beş dəqiqə qalmışdı. Çətirinin altından qarşıdan gələn insanların qısa addımlarını görür, yoxuş aşağı enən arabaların yavaş-yavaş fırlanan təkərlərinin qıcırtısını eşidirdi; dağkeçisi kimi cəsur olan atlar qabaq ayaqlarını dik tutmağa çalışırdı.

Raban bir anlıq fikrə getdi, qarşıdakı cansıxıcı iki həftə də gəlib keçəcəkdi; vur-tut iki həftə, yəni məhdud bir müddət. Çətinliklər nə qədər artsa da, bu çətinliklərə dözməli olduğu müddət də bir o qədər azalacaq, vaxt keçdikcə əhval-ruhiyyəsi də yüksələcəkdi. “Məni əhatəyə alıb, incitməyə çalışan hər kəs bu on dörd günlük müddətin getdikcə daha xoş olan axışında yaddaşımdan tədricən silinəcək, bunun üçün səy göstərməyimə də ehtiyac qalmayacaq. Zəiflik göstərə bilərəm, mənə edilən pisliyə görə səsimi çıxarmaram ki, bu da əslində təbii olardı, amma zaman irəlilədikcə işlərin düzələcəyindən və hər şeyin qaydaya düşəcəyindən əminəm.

Bəs uşaq vaxtı təhlükəyə düşdüyüm zaman etdiklərimi indi edə bilmərəmmi? Özüm kəndə getmərəm, buna ehtiyac da yoxdur, bədənimi göndərərəm. Bədənim otaqdan çıxarkən səndələyirsə, bu qorxudan deyil, bədənimin heçliyindəndir; pilləkəndən düşərkən ayaqları dolaşırsa, kəndə gedərkən hönkürürsə, orada şam yeməyini yeyərkən ağlayırsa, bunlar heç də çaşqınlıq və həyəcandan deyil. Axı, mən, mənsə bu zaman sarıya çalan yorğanımı üstümə çəkərək, otağın aralı qapısından içəri əsən sərin mehi hiss edərək yatağımda uzanmış olacağam. Küçədən arabalar və insanlar yavaş-yavaş, tərəddüd içində keçib gedəcəklər, çünki mən yuxu görürəm. Arabaçılar və piyadalar hər dəfə addım atmaq istədikdə ürkək-ürkək mənə baxıb, gözləri ilə yalvaracaqlar. Mənsə onları ruhlandıracaq və qarşılarında heç bir maneə qoymayacağam.

Yatağımda belə uzanarkən, məncə, böyük bir böcəyə, maral-böcəyinə, ya da mau böcəyinə bənzəyirəm”.

Bir mağaza vitrininin önündə dayandı. İslanmış şüşənin arxasında rəflərə kişi şlyapaları düzülmüşdü, dodaqlarını büzərək onlara baxdı. “Məncə, bu məzuniyyəti də öz şlyapamla keçirə bilərəm, – düşünüb yoluna davam etdi, – əgər şlyapama görə hamının məndən zəhləsi gedəcəksə, qoy getsin, bu daha yaxşı!

Bəli, böyük bir böcək. Qış yuxusuna getmiş kimi davranırdım, ayaqlarımı yumru qarnıma tərəf yığıb saxlamışdım. Bir-iki kəlmə söyləyərək, ayaq üstdə zorla dayanan və belini bükən bədənimə əmrlər verirdim. Bir azdan bədənim əmrləri dinlədikdən sonra tez çıxıb gedəcək və mən yatağımda kef edərkən, o bütün işləri yerinə yetirəcək”.

Raban yoxuşun yuxarısında yerləşən tağlı bir qapının yanına çatdı; qapı kiçik bir meydana açılırdı; meydanın ətrafında işıqları yandırılmış kiçik mağazalar vardı. İşıqlar yandan düşdüyü üçün meydanın ortasındakı dalğın halda oturmuş adam heykəli qaranlıqda qalmışdı. İnsanlar fənərlərin önündə ensiz qalxan kimi hərkət edirdilər, gölməçələrdən hər tərəfə əks olunan işıqlar meydanın görkəmini daim dəyişirdi.

Raban meydanda xeyli irəlilədi, amma sağından-solundan keçən arabalardan çəkindiyi üçün ürkək-ürkək addımlayır, quru daşların üzərinə ayaq basmağa çalışır, ətrafı yaxşı görmək üçün əlində tutduğu çətiri lap yuxarı qaldırırdı. Nəhayət, tramvay dayanacağının yaxınlığında dördkünc daş altlığın üstünə bərkidilmiş fənər dirəyinin yanında dayandı.

“Axı, məni kənddə gözləyirlər, görəsən narahat olmağa başlayıblar? Amma mən nişanlım kəndə gedəndən bəri, yəni düz bir həftə olar ona məktub yazmamışdım, ancaq bu səhər yazdım. Yəqin, indi tamamilə başqa cür təsəvvür edirlər məni. Bəlkə də, elə düşünürlər ki, mən biriylə söhbət edərkən özümdən çıxıb onun üstünə atılıram, amma əsla belə hərəkət etmərəm. Bəlkə də fikirləşirlər, harasa getdikdə qarşıma kim çıxarsa, onunla bərk-bərk qucaqlaşıram, amma bunu da heç vaxt etmərəm. Nişanlımın könlünü almağa çalışdıqda, onu hirsləndirirəm. Ah, kaş ki, bu dəfə də onu həqiqətən hirsləndirə biləydim!”

Bu zaman yaxınlıqdan üstüaçıq bir araba yavaş-yavaş keçib getdi; arabanın fənərlərinin işığında, arxada qara dərili oturacaqda əyləşmiş iki xanım görünürdü. Onlardan biri arxaya söykənmişdi, üzü şlyapasının kölgəsi və vualla örtülü idi. O biri xanım dik oturmuşdu; başında incə lələkli kiçik bir şlyapa vardı. Arabaya baxan hər kəs onu görə bilərdi. Alt dodağını içəri çəkmişdi.

Araba Rabanın yanından keçən kimi yolun üstündə bir dirək arabaya qoşulmuş sağdakı atın qarşısını kəsdi; arxadan gələn başqa bir arabanın hündür qozlasında oturmuş, böyük silindr şlyapalı sürücüsü işə qarışdı; sonra iki xanımın əyləşdiyi araba Rabanın təzəcə fərq etdiyi kiçik bir evin tinini dönüb gözdən itdi.

Raban başını əyib arabanın arxasınca baxdı, yaxşı görə bilmək üçün çətirinin sapını çiyninə söykəmişdi. Sağ əlinin baş barmağını ağzına soxub dişlərini sürtməyə başladı. Çamadanını yanı üstdə yerə qoymuşdu.

Arabalar meydandan keçərək küçələrə tələsir, atlar üfüqi vəziyyətdə ox kimi süzürdü, başları və boyunlarının yırğalanması bunun böyük bir zəhmət hesabına başa gəldiyini göstərirdi.

Meydana çıxan üç yolun üçünün də səkisi avaralarla dolu idi; onlar dayanıb əl ağaclarını yerə döyürdülər. Bu qrupların arasında qızların limonad satdığı səyyar dükanlar, nazik dirəklərin üstündə küçə saatları, sinələrinə və bellərinə əyləncə yerləri haqqında elanlar yapışdırılmış kişilər, hamballar vardı… (əlyazmasında iki səhifə çatışmır)

… kiçik bir qrup idi. Meydandan keçərək yoxuş aşağı enən küçəyə girmiş iki araba bu qrupu iki yerə ayırdı və bir neçə kişi yoldaşlarından geri qalmalı oldu; amma ikinci araba keçər-keçməz, – əslində birinci arabadan sonra buna qorxa-qorxa cəhd etmişdilər, – geridə qalanlar tələsib yenidən qrupa qoşuldu, sonra uzun bir cərgə halında səkiyə çıxıb qəhvəxananın qapısında basabas saldılar; yuxarıdan asılmış elektrik lampalarının işığı üstlərinə düşmüşdü.

Tramvay vaqonları əzəmətli görkəmləri ilə yaxınlıqdan keçir, bəzi tramvayların isə uzaq küçələrdə dayandığı tutqun şəkildə görünürdü.

Bu zaman nişanlısının şəklinə baxan Raban: “Belini bükərək dayanıb, – deyə düşündü, – əslində, onun dik dayandığını heç görməmişəm. Bəlkə, qozbeldir. İndi buna daha tez-tez fikir verməli olacağam. Ağzı da böyükdür. Alt dodağı isə sallaqdır. Hə, dəqiq belədir, indi yadıma düşdü. Bəs, əynindəki don? Əlbəttə, qadın paltarından başım çıxmır, amma dar qollar şübhəsiz çox çirkin görünür, sarğıya bənzəyir. Şlyapasının kənarları isə müxtəlif cür yuxarı qalxır. Amma gözləri gözəldir, səhv etmirəmsə, qəhvəyi rəngdədir. Gözlərinin gözəl olduğunu hamı deyir”.

Raban düşüncələrə dalmışkən qarşısında bir tramvay dayandı; çətirlərini yarıyadək bağlayıb çiyinlərinə söykəyən insanlar bir-birilərini itələyərək tramvayın qapısına doğru cumdular. Çamadanını qoltuğuna vurmuş Rabanı itələyərək səkidən aşağı saldılar; o gölməçənin içinə girdi. Vaqondakı oturacaqda dizləri üstdə oturmuş balaca bir uşaq barmaqlarını dodaqlarına sıxmışdı, sanki vaqondan düşən biri ilə vidalaşırdı. Tramvaydan düşən bir neçə sərnişin minənlərin basabasından çıxmaq üçün vaqon boyunca addımlamağa məcbur oldu. Sonra bir xanım tramvayın birinci pilləsinə qalxaraq, uzun ətəklərini iki əli ilə dizlərinin üstünədək qaldırdı. Mis tutacaqdan yapışmış bir cənab başını qaldırıb bu xanıma nə isə deyirdi. Tramvaya minmək istəyənlər hövsələdən çıxmışdı. Konduktor bağırmağa başladı.

Qələbəlikdən kənarda dayanmış Raban arxaya dönüb baxdı, kimsə onu adıyla çağırmışdı.

– Ah, Lement, sən imişsən, – yavaşca dedi və yanına gələn gəncə çətir tutan əlinin çeçelə barmağını uzatdı.

– Bax bu da, nişanlısının yanına gedən adaxlı! Lap eşq odunda yanana oxşayır, – Lement gülümsəyərək zarafatla dedi.

– Hə, bu gün gedirəm, bağışla, – Raban dedi. – Günortadan sonra sənə məktub yazmışdım. Sabah səninlə birlikdə yola çıxmağı çox istərdim, amma sabah şənbədir, hər yer tünlük olacaq, yol isə uzundur.

– Eybi yox. Düzdür, söz vermişdin, amma sevgi hər şeydən güclüdür… Nə etmək olar, tək gedərəm. – Lementin bir ayağı yolda, bir ayağı da səkidəydi. Ağırlığını gah bu, gah da o biri ayağının üstünə salırdı. – Deyəsən, tramvaya minmək istəyirdin; gecikdin artıq. Gəl, piyada gedək, səni ötürərəm. Hələ vaxt var.

– Gec deyilmi?

– Tələsməyini başa düşürəm, amma mənə güvən, hələ çox vaxtın var. Görürsən, mən heç tələsmirəm. Buna görə də Gillemanla görüşə bilmədim.

– Gillemanla? O da məzuniyyətini kənddə keçirəcək?

– Bəli, arvadıyla birlikdə gedəcək. Gələn həftə yola düşmək istəyirlər, ona söz vermişdim ki, işdən çıxdıqdan sonra görüşək. Köçdükləri evin əşyaları ilə bağlı bəzi şeylər soruşacaqdı məndən, qısası, görüşməyimiz lazım idi. Amma işim çox olduğu üçün gecikdim. Bəlkə evlərinə gedim, deyə düşünərkən səni gördüm. Çamadan gözümə sataşdıqda təəccüblənib səni səslədim. Amma indi çox gecdir, Gillemangilə getsəm yaxşı çıxmaz.

– Əlbəttə. Demək, kənddə tanışlar çox olacaq. Yeri gəlmişkən, xanım Gillemanı heç vaxt görməmişəm.

– Çox qəşəng qadındır. Sarışındır. Amma təəssüf, xəstəlikdən sonra rəngi solub. Gözəl gözləri var, heç vaxt belə gözlər görməmişəm.

– Bura bax, gözəl gözlər necə olur? Bəlkə göz deyərkən, baxışları nəzərdə tutursan? Məncə, gözlərin özü gözəl olmur.

– Sən deyən olsun, bəlkə mən bir az şişirtdim. Amma hər halda o gözəl qadındır.

Önündən keçdikləri qəhvəxananın pəncərəsindən üçkünc masa arxasında oturub piroq yeyə-yeyə qəzet oxuyan kişilər görünürdü; onlardan biri qəzeti masanın üstünə qoyub, əlindəki fincanı yuxarı qaldıraraq küçəyə tamaşa edirdi. Pəncərələrin qarşısına düzülmüş masaların hamısı müştərilər tərəfindən tutulduğundan, içəridəki mebelləri görmək olmurdu. (Əlyazmasında iki səhifə çatışmır).

… – Amma təsadüfə bax ki, bu o qədər xoşagəlməz iş deyil. Demək istəyirəm ki, könüllülər çox olacaq.

Qaranlıq bir meydana çıxdılar; meydan onların girdiyi tərəfdən başlayırdı, çünki qarşıdakı evlər hələ lap uzaqdaydı. Onların getdiyi tərəfdə isə evlər sıra ilə düzülmüşdü; bu cərgənin axırından başlayan və əvvəlcə bir-birindən xeyli aralı olan iki sıra ev göz işlədikcə uzanır və sonra sanki birəşirdi. Kiçik evlərin qarşısındakı səki dar idi, dükan gözə dəymirdi, araba da keçmirdi bu tərəfdən. Çıxdıqları küçənin axırındakı dəmir dirəkdə halqalara bərkidilmiş və bir-birindən çox aralı asılmış bir neçə fənər yanırdı. Üçbucaq şəkilli alovlar qaranlıq otağın içindəymiş kimi yanır, hətta bir neçə addım kənarda belə zülməti qova bilmirdi.

– Bax, saat neçə oldu, artıq çox gecdir, niyə mənə demədin, yəqin ki, qatara gecikəcəyəm. Niyə belə etdin? (Əlyazmasında dörd səhifə çatışmır).

… – Bəli, yalnız Pirkersoferi, ancaq onu…

– Məncə bu ada Bettinin məktublarında rast gəlmişəm, o dəmiryol işçisi deyilmi?

– Bəli, dəmiryol içşisidir, həm də xoşagəlməz bir adamdır. Yekə burnunu görən kimi mənim haqlı olduğumu deyəcəksən. Təsəvvür et ki, onunla birlikdə çölləri gəzib dəmiryollarını yoxlamaq necə darıxdırıcıdır… Yaxşı ki, iş yerini dəyişiblər. Məncə, gələn həftə çıxıb gedər, hər halda buna ümid edirəm.

– Dayan, bir az əvvəl bu gecə burada qalmağımı məsləhət görmüşdün.Yox, bu ağıllı hərəkət olmaz. Axı, mən bu axşam gələcəyimi yazmışdım, kənddə gözləyirlər məni.

– Bu asan məsələdir, teleqram göndərərsən.

– Düzdür, teleqram vurmaq mümkündür.... amma getməsəm, yaxşı olmaz. Həm də yorğunam, yox gedəcəyəm… teleqram vursam, boş yerə həyəcan keçirərlər. Axı, nə üçün qalım? Qalsam, nə olacaq?

– Elədirsə, getsən yaxşı olar. Sadəcə düşündüm ki… Elə mən də bu gün çox yorğunam, sənə demədim, amma yuxusuzluqdan gözlərim yumulur. Gəl sağollaşaq, parkın içindən keçib səni ötürə bilmərəm, yer islanıb, üstəlik Gillemana da baş çəkmək istəyirəm. Altıya on beş dəqiqə qalıb, hələ gec deyil, yaxşı dostların qapısını döymək olar. Addio![3 - Salamat Qal] Yaxşı yol, kənddə hamıya salam söylə!

Lement sağa dönüb vidalaşmaq üçün sağ əlini uzatdı; bir anlığa adama elə gəldi ki, sağ əlinə doğru yeriyir.

– Adieu![4 - Salamat qal (frans.)] – Raban dedi.

Lement bir az getdikdən sonra yenə səsləndi:

– Ey, Eduard, eşidirsən, çətiri bağla, yağış çoxdan kəsib. Bu sənə demək üçün vaxt tapa bilmədim.

Raban cavab vermədi, çətiri yığdı, göy üzü solğun qaranlığı ilə başının üstünü aldı.

“Gərək, heç olmasa başqa bir qatara minəydim, – Raban fikirləşdi. – Ən azından yola çıxdığımı düşünərdim, sonra səhv qatara mindiyimi öyrəndikdə düşüb yenidən bu stansiyaya qayıdar və indi özümü daha rahat hiss edərdim. Kənd Lementin dediyi kimi cansıxıcıdırsa, bu heç də pis deyil. Evdən bayıra çıxmayacaqsan, başqalarının harada olduğunu dəqiq bilməyəcəksən; ətrafda qədim xarabalıqlar varsa, əvvəlcədən şərtləşib, birlikdə gəzintiyə çıxmaq olar. Buna hətta sevinmək və can atmaq lazımdır. Amma ətrafda diqqətəlayiq bir şey yoxdursa, gəzinti üçün əvvəlcədən hazırlıq görməyə də ehtiyac qalmır, çünki gözlənilənin əksinə, hamı bir yerə toplaşıb harasa gəzintiyə yollanır; çünki xəbər vermək üçün xidmətçini başqa evlərə göndərmək kifayət edir; evlərində oturub kitab oxuyanlar bu xəbəri eşitdikdə sevinclərindən özlərini itirirlər. Əslində belə dəvətlərdən qorunmaq çətin deyil. Amma mən özüm bunu bacaracağımı bilmirəm; çünki bu düşündüyüm qədər asan deyil, birincisi mən təkəm, kənddə istədiyimi edə bilər, hər an geri qayıda bilərəm; ikincisi, kənddə taxıl sahəsi və ya daş karxanasına sahib olan elə bir adam yoxdur ki, bunları mənə göstərmək üçün onunla yorucu bir gəzintiyə çıxım. Axı, hətta köhnə tanışlara da güvənmək olmaz. Məsələn, bu gün Lement mənimlə mehriban davranmırdımı? Mənə bəzi şeyləri izah etdi, qarşılaşacağım problemləri göstərdi. Söhbət etdi, ötürdü məni, halbuki məndən heç bir şey öyrənmək istəmirdi, üstəlik özünün vacib işi vardı. Amma budur, birdən-birə çıxıb getdi. Nə kobud davranıb xərtrinə dəymişdim, nə də pis bir söz söyləyib qəlbini qırmışdım. Düzdür, gecəni burada qalmaqdan imtina etdim, amma bundan nə üçün küssün, axı Lement ağıllı adamdır”.

Vağzal saatının zəngi eşidildi, altıya on beş dəqiqə qalmışdı. Raban həyəcanlanaraq dayandı, sonra parkdakı hovuzun yanı ilə tez-tez yeriyib, iki tərəfində hündür kollar bitən, ensiz və pis işıqlandırılmış yola çıxdı; və meydana tərəf götürüldü, burada kiçik ağacların qarşısında xeyli boş skamya vardı; sonra yavaş-yavaş qaçaraq, parkın ətrafına çəkilmiş barmaqlığın qapısından keçib, vağzala tərəf yönəldi, içəri girən kimi kassanı tapıb, dəmir arakəsmə ilə örtülmüş pəncərəsini döydü. Pəncərədən baxan satıcı ona qatara yetişmək istəyirsə, tələsməli olduğunu söylədi; Rabanın uzatdığı kağız pulu alıb, bileti və puluğun qalığını lövhənin üstünə tulladı. Raban tez pulun qalığını saymaq istədi, çünki gözünə az görünürdü, amma yaxınlıqda gəzişən bir məmur onu şüşə qapıdan itələyərək perrona saldı. Raban çaşqın halda dönüb baxaraq: “Təşəkkür edirəm! Təşəkkür edirəm!” dedi və konduktoru tapmadığı üçün birinci vaqonun pilləsinə qalxdı. Əvvəlcə çamadanını yuxarı pilləyə qoydu, sonra bir əlini çətirə söykənib digər əli ilə çamadanın dəstəyindən yapışaraq yuxarı dırmaşmağa başladı. Mindiyi vaqon perrondan içəri düşən gur işıqla aydınlanmışdı; hamısı axıra qədər örtülmüş pəncərələrin o tayında fışıldayaraq yanan qaz fənərləri görünürdü; pəncərəyə düşən və bu işıqda ağ rəngə çalan yağış damcılarının bəzisi şüşənin üstündə yavaşca sürüşürdü. Raban vaqonun qapısını örtdü, açıq-qəhvəyi rəngli taxta skamyanın axırıncı boş yerində oturdu, amma perronun gurultusunu hələ də eşidirdi. Qarşısında çoxlu boyun və bel vardı, bunların arasından qarşı tərəfdəki skamyanın arxasına söykənmiş başlar görünürdü. Papiros və tənbəki çubuqlarından çıxan tüstü burumları orada oturan bir qızın önündən yavaşca keçərək yuxarı qalxırdı. Sərnişinlər hərdən yerlərini dəyişir, sonra bu dəyişikliyi müzakirə edir, skamyaların yuxarısından asılmış mavi səbətlərdəki əşyalarını götürüb başqa bir səbətin içinə qoymağa çalışırdılar. Əl ağacının ucu, ya da çamadanın dəmir tini səbətdən çölə çıxdıqda, bunu sahibinə xəbər verirdilər. O da qalxıb əşyalarını qaydaya salırdı. Raban bunu görüb, çamadanını skamyanın altına soxdu.

Soldakı pəncərənin yanında üzbəüz oturan iki cənab malların qiymətlərindən danışırdı. “Bunlar satıcıdırlar, – Raban düşündü və aramla nəfəs alıb onlara baxdı. – Yəqin, kəndə getməyi tacir onlara tapşırır, onlar da tacirin göstərişinə əməl edir, qatara minir, kənddəki dükanları bir-bir gəzir, bəzən də araba ilə bu kənddən başqa kəndə gedirlər. Heç yerdə yubanmırlar, çünki bütün işləri tez görmək lazımdır; və yalnız satdıqları mallar haqqına danışırlar. Belə gözəl bir işi can-başla yerinə yetirmək lazımdır!”.

Satıcıların yaşca kiçik olanı birdən əlini şalvarının arxa cibinə atıb, qeyd kitabçasını çıxardı, şəhadət barmağını dili ilə isladaraq səhifələri çevirməyə başladı, sonra dırnağını bir səhifənin üstündə yuxarıdan aşağıya doğru sürüşdürərək oxumağa başladı. Başını qaldırdıqda Rabana baxdı və indi ipliklərin qiyməti haqqında danışarkən gözlərini ondan ayırmadı. Bir natiqin deyəcəyi sözlər yadından çıxmasın deyə, gözlərini bir nöqtəyə zillədiyi kimi, o da gözlərini Rabana eləcə zilləmişdi. Oxuduğu yeri, lazım olarsa, asanlıqla tapmaq üçün baş barmağını səhifənin üstünə qoyaraq, qeyd dəftərini yarıya qədər örtüb sol əlində tutmuşdu. Dəftər titrəyirdi, çünki qolunu heç bir yerə söykəməmişdi, vaqon isə möhkəm yırğalanırdı.

O biri satıcı isə arxaya söykənərək qulaq asır və hərdən başını tərpədirdi. Gənc satıcının dedikləri ilə razı olmadığı və sonra öz fikrini söyləyəcəyi bütün görkəmindən bəlli idi.

Raban ovuclarını yumaraq dizlərinin üstünə qoydu və irəliyə doğru əyildi; satıcıların başları arasından pəncərəyə baxıb, qatarın yanından sürətlə ötüb-keçərək arxada qalan işıqlara tamaşa etdi. Gənc satıcının dediklərindən heç bir şey anlamırdı, o birinin cavabını da anlamayacaqdı. Bunun üçün hazırlıqlı olmaq lazım idi, çünki bu insanlar uşaq vaxtlarından bəri ticarət malları ilə məşğul idilər. İp yumağını əlində bu qədər çox tutan və onu dəfələrlə alıcılara təklif edən bir insan bu ipin qiymətini də yaxşı bilər və qarşıdan gəlib sürətlə yanımızdan keçən kəndlər ölkənin dərinliklərində gözdən keçərkən onun haqqında uzun-uzadı danışar. Yəqin, bu kəndləri də qarış-qarış gəzib, orada yaşayan insanlara mal təklif edən satıcılar var.

Vaqonun o biri başında əlində oyun kartları tutmuş ucaboy bir kişi ayağa qalxıb səsləndi:

– Ey, Mariya, pambıq köynəklərimi də çamadana qoymusan?

– Əlbəttə, – Rabanla üzbəüz oturan bir qadın cavab verdi. Qadın mürgüləyirdi və bu sual onu oyandırdıqda, elə astadan cavab verdi ki, sanki Rabanla danışırdı.

– Siz Yunqbunslaudakı bazara gedirsiniz, eləmi? – diribaş bir adam olan satıcı ondan soruşdu.

– Bəli, oraya gedirəm, – qadın cavab verdi.

– Yəqin orada böyük bir bazar açılacaq, hə?

– Bəli, çox böyük.

Qadın yuxulu idi, sol dirsəyini göy rəngli bağlamanın üstünə qoyub, başını əlinə söykədi, əli ətli yanağını almacıq sümüklərinə qədər örtdü.

– Çox cavandır, – satıcı mızıldandı.

Raban bayaq bilet aldığı kassirin qaytardığı qalığı saymağa başladı. Pulları bir-bir barmaqlarının arasında tutub sağa-sola fırladırdı. Pulların üstündəki imperator rəsminə xeyli baxdı, sonra başın arxasına lentlərlə bərkidilmiş dəfnə çələnginə diqqət yetirdi. Nəhayət, qalığın düzgün qaytarıldığını hesabladı və pulları qara rəngli böyük pulqabının içinə qoydu. Satıcıya tərəf dönüb, “Bunlar evlidirlərmi?” – deyə soruşmaq istəyərkən qatar dayandı. Səs-küy kəsildi, konduktorlar kəndin adını qışqırdılar, Raban fikrindən daşınıb heç bir söz demədi.

Qatar elə yavaş hərəkət etməyə başladı ki, təkərlərin necə fırlandığını təsəvvür etmək mümkün idi, amma birdən-birə yamac aşağı sürətlənməyə başladı; və birdən pəncərədən körpü göründü; körpü sürahisinin uzun çubuqları sanki yerindən qopub bir-birinin üstünə qalaqlanırdı.

Qatarın sürət götürməsi Rabanın xoşuna gəlmişdi, çünki bayaq dayandıqları kənddə qalmaq istəmirdi. “Belə qaranlıq və evdən çox uzaq, üstəlik heç kəsi tanımadığın bir kənd; yəqin orada gündüzlər də cansıxıcı olur. Bəs bundan sonrakı, ya da əvvəlki kənd, yaxud mənim getdiyim kənd fərqlidirmi?”.

Satıcı birdən bərkdən danışmağa başladı. “İrəlidəki kəndə hələ çox var”, – deyə Raban düşündü.

– Cənab, axı siz də bilisiniz ki, istehsalçılar öz adamlarını ən ucqar kəndlərə də göndərirlər, hətta ən xırda dükançılarla da sövdələşirlər. Elə bilirsiniz ki, biz topdan satanlara nisbətən onlara malı daha baha qiymətə verirlər? Əsla yox, cənab, dünən öz gözlərimlə gördüm, malı bizə hansı qiymətə verirlərsə, onlara da eyni qiymətə verirlər. Bu alçaqlıqdır. Bizim qazanc yerimizi əlimizdən almaq istəyirlər, bu şəraitdə ticarətlə məşğul olmaq mümkün deyil, boğurlar bizi.

O yenə Rabana baxdı. Gözləri yaşla dolduğu üçün utanırdı; sol əlinin barmaqlarını ağzına sıxdı, dodaqları titrəyirdi. Raban arxaya söykənib, bığlarını sol əli ilə yavaşca dartmağa başladı.

Qarşı tərəfdə oturmuş satıcı qadın yuxudan oyandı, gülümsəyərək əlləri ilə alnını sığalladı. Bunu görən tacir səsini qısdı. Qadın yenidən yatmaq istəyirmiş kimi yerini rahatladı, bağlamaya söykənib köks ötürdü və mürgüləməyə başladı. Paltarı dartılıb budlarına qədər qalxmışdı. Qadının düz arxasında oturmuş, başında kep olan bir kişi qəzet oxuyurdu. Onun qarşısında isə bir qız əyləşmişdi, yəqin qohumu idi. Qız başını sağa əydi və içəri çox bürkü olduğu üçün ondan pəncərəni açmağı xahiş etdi. Kişi gözlərini qəzetdən ayırmadan: “Bunu oxuyub qurtarım, açaram” dedi və oxuduğu yeri qıza göstərdi.

Satıcı qadın yata bilmədi, dikəlib pəncərədən bayıra baxmağa başladı, sonra gözlərini vaqonun tavanından asılmış, sarımtıl alovla yanan kerosin lampasına zillədi. Raban bir dəqiqəliyə gözlərini yumdu.

Gözlərini yenindən açdıqda, qadının mürəbbə yaxılmış çörəyi dişlədiyini gördü. Yanındakı bağlama açılmışdı.

Satıcı oğlan səssizcə siqaret çəkir və külü tez-tez yerə çırpırdı. O biri satıcı isə bıçağının ucuyla cib saatının mexanizmini qurtdalayırdı, bunun səsini vaqonun o biri başında da eşitmək mümkün idi.

Gözləri yumulan Raban kep qoymuş kişinin pəncərə şüşəsini endirdiyini tutqun şəkildə gördü. Dərhal içəri sərin hava doldu, kiminsə həsir şlyapası asılqandan qopub uçdu. Rabana elə gəldi ki, yuxudan oyandığı üçün yanaqlarına sərin hava dəyir, ya da qapını açıb onu başqa otağa aparırlar, yaxud yuxulu olduğu üçün səhv edir, bunların hamısı qarabasmadır; çox keçmədi ki, dərindən nəfəs alaraq yuxuya getdi.




II


Raban qatardan düşdükdə vaqonun pillələri hələ titrəyirdi. Təmiz havaya çıxdıqda, üzünə yağış damcılarının çırpıldığını hiss etdi. Gözərini yumdu… Stansiya binasının qarşısındakı artırmanın dəmir örtüyünə dəyən yağış damcıları əməlli-başlı gurultu salmışdı; amma ətrafdakı boş əraziyə yağan yağışın səsi küləyin yeknəsəq uğultusunu xatırladırdı. Ayaqyalın bir oğlan qaça-qaça Rabana yaxınlaşdı, – Raban onun hansı tərəfdən gəldiyini görməmişdi, – və tövşüyə-tövşüyə Rabandan hava yağışlı olduğu üçün çamadanını daşımağa icazə istədi. Lakin Raban dedi: bəli, düzdür yağış yağır, buna görə də omnibusla gedəcək, onun köməyinə ehtiyacı yoxdur. Oğlan cavab vermək əvəzinə üz-gözünü turşutdu, sanki demək istəyirdi ki, yağışda çamadanı yükdaşıyana verib piyada getmək, omnibusa minməkdən daha nəcib hərəkətdir. Və dərhal qaçaraq uzaqlaşdı. Raban onu çağırmaq istədikdə artıq gec idi.

Sadəcə iki fənər yanırdı; stansiya işçisi qapıda çıxıb, yağışın altında tələsə-tələsə lokomitivə yaxınlaşdı, qollarını sinəsində çarpazlayıb gözlədi, bir az sonra başını uzadıb ona tərəf baxan maşinistlə söhbət etməyə başladı. Köməkçilərdən birini çağırdılar, amma dərhal onu geri göndərdilər. Pəncərələrin yanında sərnişinlər dayanmışdı; adi bir stansiya binasına tamaşa etməyə məcbur olduqlarından qaşqabaqlı idilər. Tələsə-tələsə perrona gələn bir qız skamyada əyləşib, hələ açıq olan güllü çətirini yerə qoydu, donunun ətəkləri tez qurusun deyə, ayaqlarını araladı və barmaqlarının ucunu donunda gəzdirdi. Sadəcə iki fənər yandığından, qızın üzünü yaxşı görmək olmurdu. Yaxınlıqdan keçən dəmiryol işçisi çətirdən düşən damcıların gölməçə yaradacağına narazılığını bildirdi və bu gölməçənin böyüklüyünü göstərmək üçün əllərini qarşısında halqa kimi birləşdirdi, çətirin yolu kəsəcəyini də deyərək, əllərini suya dalan balıqlar kimi oynatdı.

Qatar yerindən tərpənib, uzun siyirmə bir qapı kimi gözdən itdi. Relslərin o biri tərəfində, qovaq ağaclarının arxasında cansıxıcı bir qaranlıq vardı. Ora meşə idimi, yoxsa göl, ya da insanların çoxdan yatdığı böyük bir ev? Bəlkə bir kilsə, ya da təpələrin arasında böyük bir dərə? Kim oraya yaxınlaşmağa cəsarət edə bilərdi, digər tərəfdən də kim oraya yaxınlaşmaqdan özünü saxlaya bilərdi?..

Pilləkənin yanında dayanıb, öz otağına çıxmaq istəyən dəmiryol işçisini görən Raban qaça-qaça gəlib onu saxladı:

– Bağışlayın, kənd buradan çox uzaqdırmı, kəndə getməliyəm.

– Uzaq deyil, on beş dəqiqəlik yoldur, amma omnibusla getsəniz… yağış da yağır, yox, lap yaxındır, beş dəqiqəyə çatarsınız.

– Hə, yağış yağır, bu ilki yaz yaxşı keçmir, – Raban cavab verdi. Dəmiryol işçisi sağ əlini belinə dayamışdı, Raban onun qolu ilə gövdəsi arasında yaranmış üçbucaqdan skamyada oturmuş qızı gördü; deyəsən, qız çətiri bağlamışdı.

– Belə havada məzuniyyətə çıxıb kəndə getmək əslində ağılsızlıqdır. Düşünürdüm ki, məni qarşılamağa gələcəklər, – deyə Raban söylədiklərinə əmin olmaq üçün ətrafına baxdı.

– Omnibusa gecikəcəksiniz, qatardan getdikdən sonra o çox gözləmir. Bax, oradan keçin, ağacların arasından.

Vağzalın qarşısından keçən yol qaranlıq idi, binanın sadəcə birinci mərtəbəsindəki üç pəncərədən düşən tutqun işıq uzağı işıqlandırmırdı. Raban ayaqlarının ucunda palçığın içi ilə yeridi və tez-tez “Ey arabaçı! Gözlə! Gəlirəm! Omnibus! Mən burdayam!” – deyə səsləndi. Lakin qaranlıq yolda palçıqlı gölməçələr dərinləşdikcə, Raban dabanlarını da yerə basıb irəliləməyə başladı, birdən alnına atın yaş ağzının toxunduğunu hiss etdi.

Bu omnibus idi; dərhal mindi, sürücünün yerini sərnişinlərdən ayıran şüşənin arxasındakı skamyada oturub söykəndi; lazım olan hər şeyi etmişdi. Sürücü yatırdısa, ancaq sabaha oyanardı, yox əgər ölmüşdüsə, ya yeni sürücü, ya da omnibusun sahibi gələrdi, bunların heç biri olmadıqda isə, sübh qatarı ilə gələn sərnişinlər vağzala doluşub səs-küy qoparacaqdılar. Hər halda sakitləşmək olardı, hətta pərdəni çəkib, omnibusun yerindən tərpəndiyini bildirən təkanları hiss edənə qədər dincələ bilərdi.

“Bu əziyyətlərdən sonra sabah mütləq Betti və anasıyla görüşəcəyəm. Buna heç kim mane ola bilməz. Lakin məktubumun sabah onlara yetişəcəyini əvvəlcədən bilmək olardı, deməli, bu gecə şəhərdə qalıb, sabahkı iş haqqında düşünmədən Elvi ilə əylənə bilərdim. Bax, bu tərəddüdlər üzündən həyatdan zövq ala bilmirəm. Hələ ayaqlarım da islanıb!”

Jiletinin cibindən çıxardığı kiçik şam parçasını yandırıb qarşıdakı skamyanın üstünə qoydu. Bir az işıqlıq oldu; çöldəki qaranlıq üzündən omnibusun pəncərələri qara divara bənzəyirdi. Nə altda təkərlərin, nə də irəlidə atın olduğu ağla gəlmirdi.

Raban ayaqlarını skamyanın üstünə qoyub sildi, təzə, isti corablar geyib, yerini rahatladı. Bu zaman vağzal tərəfdən birinin: “Hey! Omnibusda kimsə varsa, cavab versin!”.

– Var, var, həm də dərhal yola çıxmaq istəyən bir sərnişin! – Raban omnibusun qapısından başını çıxararaq cavab verdi, sağ əliylə tutacaqdan yapışmış, sol əlini ağzına tərəf aparmışdı.

Yağış yaxalığından aşağı tökülürdü.

İki torbadan özünə bürüncək tikmiş sürücü gəlib çıxdı; əlindəki fənərin işığı gölməçələrin üzərində oynayırdı. Qaşqabaqlı halda izahat verməyə başladı: bilirsizmi, möhtərəm cənab, o içəridə Lebeda ilə kart oynayırdı, qatar gəldikdə oyun qızışdığı üçün ayağa qalxıb baxmamışdı. Amma kimsə buna irad tutarsa, o adama heç bir söz deməyəcək; onsuz da bura murdar bir yerdir, Raban kimi bir cənabın burada nə gəzdiyini, doğrusu, anlaya bilmir; hörmətli cənabı vaxtında mənzilə çatdıracaq, buna görə də şikayət etməyə ehtiyac yoxdur. Bir az əvvəl cənab Pirkeshofer, yəni cənab müavin ona sarışın bir cənabın kəndə getmək istədiyini dedi. O da dərhal binadan çıxıb, omnibusda sərnişin olub-olmadığını soruşdu, bəlkə elə deyil, dərhal omnibusa yaxınlaşıb möhtərəm cənabla maraqlanmadımı?

Fənəri araba oxunun ucuna bərkitdi, boğuq bir səslə atı dəhləyərək omnibusu sürməyə başladı; bütün gecə omnibusun üstünə yığılmış yağış suyu axıb, deşikdən içəri dammağa başladı.

Yol bərbad gündəydi, lehmə təkər millərinin üstünü örtür, təkərlər fırlandıqca yelpik şəklinə düşüb arxaya doğru şırıltı ilə sıçrayırdı; arabaçı cilovu çox da dartmadan islanmış atı irəli qovurdu… Bütün bunları bəhanə edib Rabanı məzəmmət etmək olmazdımı? Oxun ucuna bərkidilmiş fənərin titrək işığı birdən gölməçələrin üstünə düşür, təkərlərin altında qalan lehməli su dalğalanaraq ətrafa dağılırdı. Bütün bunlar Raban gözəl, amma bir az yaşlı nişanlısının, Bettinin yanına getdiyi üçün baş verirdi. Düzünə qalsa, buna görə Rabanı danlayan olmamışdı, amma hər halda bu vurulmamış danlaqlara dözüb göstərdiyi fədakarlığı kim qiymətləndirəcəkdi? Əlbəttə, Ra-ban bunu könüllü edirdi, çünki Bettini – nişanlısını sevirdi, Bettinin isə bu fədakarlığa görə ona təşəkkür etməsi yaraşmazdı.

Raban özü də bilmədən başını bir neçə dəfə omnibusun divarına vurub gözlərini tavana dikdi. Budunun üstünə qoyduğu sağ əli aşağı sürüşdü, amma dirsəyi qarnı ilə ayağının arasındakı küncdə qaldı.

Omnibus artıq binaların arası ilə gedirdi. Bəzi evlərdən bayıra işıq düşürdü. Hansısa kilsənin pilləkəni göründü, amma Raban onun hətta birinci pilləsinə baxmaq üçün ayağa durmalı idi. Parkın darvazası qarşısında böyük bir fənər yanırdı, amma bir az aralıdakı övliya heykəli bir xırdavat dükanından düşən zəif işıqda qara ləkə kimi görünürdü. Rabanın gözü bayaq yandırdığı şama sataşdı; şam axıra qədər yanmış və əriyib skamyaya yapışmışdı.

Omnibus meyxananın qarşısında dayandıqda, yağışın və otelin bəzi pəncərələri açıq olduğu üçün müştərilərin səsini eşidən Raban dərhal aşağı düşməkmi, yoxsa meyxana sahibi gələnə qədər gözləməkmi daha yaxşıdır deyə, düşündü. Bu kəndin adətini bilmirdi, amma yəqin ki, Betti nişanlısının kəndə gələcəyini demişdi. Rabanın kənddə qaldığı müddətdə əsilzadə, ya da tüfeyli kimi davranması Bettinin və dolayı yolla onun özünün də nüfuzunu müəyyənləşdirəcəkdi. Lakin bu an Rabanın nə Bettinin kənddəki nüfuzundan, nə də onun haqqında, – ən pisi bu idi, – nə danışdığından xəbəri vardı. Şəhər buradan qat-qat gözəldir, yolları da rahatdır! Əgər orada yağış yağarsa, tramvaya minib daşla döşənmiş yaş yollarla evə gedirsən, burada isə at arabası ilə palçığın içindən keçərək meyxananın qarşısında dayanırsan… “Şəhər buradan çox uzaqdır, həsrətdən ölsəm belə, məni heç kim geri aparmayacaq… Yox, onsuz da ölməyəcəyəm… Amma indi şəhərdə olsaydım, biri gətirib yeməyimi qabağıma qoyar, boşqabımın sağında gündəlik qəzetim, solunda lampa olardı. Burada isə mənə yağlı yemək verəcəklər, hardan bilsinlər ki, mədəm xəstədir, guya bilsələr, nə olacaq… İndiyə kimi görmədiyim qəzetlər, səslərini artıq eşitdiyim nə qədər yad insan; lampa isə hamı üçün yanacaq. Axı, bu nə işıq salacaq? Kart oynayarsan bu işıqda, amma qəzet oxuya bilərsənmi?

Meyxana sahibi gəlib çıxmır, müştərilər vecinə də deyil, yəqin kobud adamdır. Dayan, dayan, bəlkə Bettinin nişanlısı olduğumu bildiyi üçün mənə əhəmiyyət vermir? Arabaçı da bəlkə elə buna görə məni vağzalda çox gözlətdi? Axı, Betti şorgöz kişilərin əlindən zara gəldiyini, onları necə çətinliklə başından etdiyini mənə tez-tez danışırdı… bəlkə indi də, belədir…”




KƏND MÜƏLLİMİ (NƏHƏNG KÖSTƏBƏK)


Ən adi, balaca bir köstəbəkdən iyrənənlər, – o cümlədən mən də, – bir neçə il əvvəl kiçik bir kəndin yaxınlığında görünən və bununla həmin kəndə ötəri şöhrət qazandıran nəhəng köstəbəklə qarşılaşsaydılar, yəqin ki, ikrah hissindən ölərdilər. İndi bu kənd yaddaşlardan silinib və şübhəsiz, heç kəs tərəfindən diqqətlə araşdırılmadığı üçün müəmmalı qalan bu qəribə hadisə onu öyrənməyə borclu olan, amma özlərini zəhmətə salmayaraq, əhəmiyyətsiz şeylərin üstündə baş sındıran şəxslərin ağlasığmaz səhlənkarlığı üzündən unudulub getdi. Kəndin dəmiryolundan uzaqda yerləşməsi buna heç cür haqq qazandıra bilməz. O vaxt maraq üzündən nə qədər insan uzaq yerlərdən gəldi, hətta başqa ölkələrdən də gələnlər vardı, amma sadəcə maraqlanmaqla kifayətlənməyib, vəziyyəti araşdırmalı olanlar ortalıqda görünmədi. Üstəlik, nəfəslərini dərmədən gündəlik işləri ilə məşğul olan sadə insanlar heç bir mənfəət güdməyib, fədakarlıqla bu işə qarışmasaydılar, bu qeyri-adi hadisə haqqında şayiə kənddən kənara çıxmazdı. Etiraf etmək lazımdır ki, başqa vaxtlar qarşısını almaq mümkün olmayan şayiənin özü də bu dəfə olduqca tənbəllik etdi; bir az məzəli desək, onu arxadan itələməsəydilər, ümumiyyətlə yayılmayacaqdı. Əlbəttə, baş verən hadisəni araşdırmamaq üçün bunu kafi səbəb saymaq olmazdı; əksinə, həm bunu, həm də şayiənin öz təbiətinə xilaf çıxıb yayılmaqda tənbəllik göstərməsini də araşdırmaq lazım idi. Bunun əvəzinə hadisə haqqında yeganə yazılı sənədin hazırlanması qoca kənd müəlliminə tapşırılmışdı; düzdür, müəllim öz peşəsini əla bilirdi, gözəl pedaqoq idi, amma öz müşahidələrini izah edə bilməməsi bir yana qalsın, onların dolğun elmi təsvirini verə bilməsi üçün nə xüsusi hazırlığı, nə də anadangəlmə istedadı vardı. Onun hazırladğı broşür çap olunmuşdu; o vaxtlar kəndə gələnlər bunu həvəslə alırdılar, hətta bəziləri bunu tərifləməkdən yorulmurdu, amma ağıllı bir adam olan müəllim yaxşı anlayırdı ki, onun heç kim tərəfindən dəstəklənməyən təkbaşına səyləri əslində heç bir dəyər daşımır. Bununla belə, onun geri addım atmaması və bu qəribə hadisənin üstünü açmağı, – hərçənd buna ümidi ilbəil azalsa da, – həyatının ən mühüm məsələsi hesab etməsi, bir tərəfdən bu qəribə hadisənin təsir gücünü, digər tərəfdən heç kəsin əhəmiyyət vermədiyi qoca bir kənd müəlliminin nə qədər inadkar və inamlı olduğunu göstərir. Lakin broşürün çıxmasından bir neçə il sonra, çoxlarının bu hadisəni artıq unutmağa başladığı vaxtlarda müəllimin sözardı kimi çap etdirdyi əlavədən aydın görünür ki, o nüfuzlu şəxslərin məsələyə biganə qalmasından çox əzab çəkirmiş. Bu əlavədə gözləmədiyi bir halda qarşılaşdığı anlaşılmazlıq və laqeydlikdən şikayətlənən müəllim öz narazılığını səlis dillə olmasa da, səmimi şəkildə ifadə edir. Bu insanlar haqqında yerinə düşən sözlər söyləyir: “Mən yox, onlar qoca kənd müəllimi kimi düşünürlər”. Və məşğul olduğu məsələ haqqında söhbətləşmək üçün baş çəkdiyi bir alimin sözlərindən də sitat gətirir. Yazıda alimin adı çəkilməsə də, bəzi eyhamlardan onun kim olduğunu anlamaq mümkündür. Çox çətinliklərdən sonra müəllim, nəhayət, alimin qəbuluna girə bilmişdi, lakin elə ilk sözlərdən anlamışdı ki, alim bu məsələyə qərəzlə yanaşır və onun fikrini dəyişdirmək mümkün deyil. Müəllimin öz yazdığı broşürə əsaslanaraq təqdim etdim uzun hesabatı alimin necə bir diqqətsizliklə dinləməsini onun guya düşünüb-daşınaraq söylədiyi bu sözlər açıq-aşkar göstərir:

– Sizin yerlərin torpağı qara və münbitdir. Buna görə də köstəbəklər yağlı qidalarla bəslənir və çox böyük olur.

– Amma bu qədər də yox! – müəllim əsəbiləşərək səsini ucaltmış və qalxıb divarda iki metrlik yer ölçüb göstərmişdi.

– Niyə də olmasın, – alim açıq-aşkar məzələnərək cavab vermişdi.

Beləcə, müəllim arxasını dönüb əliboş evə qayıtmışdı. Axşamüstü qarlı havada arvadının və altı uşağının yolda dayanıb onu necə gözlədiyini, necə bütün ümidlərinin puça çıxdığını onlara etiraf etmək məcburiyyətində qaldığını da əlavə yazıda qələmə almışdı.

Alimin müəllimi necə qəbul etməsi və onunla necə davranması haqqında oxuduğum zaman müəllimin qələmə aldığı əsas broşürdən hələ xəbərim yox idi. Amma bu məsələyə dair əldə edə biləcəyim bütün məlumatları dərhal toplayıb araşdırmağı qərara aldım. Alimin qarşısında aciz olduğumu bildiyim üçün, yazacağım yazı ilə heç olmasa müəllimə, daha doğrusu, müəllimə yox, vicdanlı, amma köməksiz bir adamın xoş niyyətinə dəstək verəcəyimə ümid edirdim. Etiraf edim ki, bu qərarıma sonradan çox peşman oldum; çünki çox keçmədən hiss etdim ki, bu işə qarışmağım məni axmaq vəziyyətə salacaq. Bir tərəfdən, o qədər böyük nüfuz sahibi deyildim ki, alimi və ictimai rəyi müəllimə tərəfdar çıxmağa məcbur edə bilim; digər tərəfdən, müəllim dərhal anlayacaq ki, onun əsl niyyətini, yəni nəhəng köstəbəyin həqiqətən mövcud olduğunu sübut etmək istəyini dəstəkləməkdən çox, onun vicdanlı bir adam olduğunu müdafiə etmək mənim üçün daha mühümdür, – halbuki, müəllim öz davranışını təbii sayır və bunu müdafiə etməyə ehtiyac görmürdü. İş o yerə gəlib çatacaqdı ki, müəllimə havadarlıq etmək cəhdlərim onun tərəfindən anlayışla qarşılanmayacaq, ona kömək istəyərkən, özüm kömək axtarmağa başlayacaqdım; belə bir adamınsa ortaya çıxacağına ümid etmək olmazdı. Hər şeydən əlavə, bu qərarı verməklə çiyinlərimə ağır bir yük götürmüşdüm. İstəyirdim ki, yazdıqlarıma inansınlar, ona görə də müəllimə istinad edə bilməzdim, çünki müəllim heç kəsi inandıra bilməmişdi. Onun broşürü məni çaşdıra və yanlış istiqamətə yönəldə bilərdi, bu səbəbdən öz məqaləmi yazıb qurtarana qədər onu oxumamağı qərara aldım. Müəllimlə hətta görüşüb ünsiyyət qurmağa da çalışmadım. Əlbəttə, o bəzi adamlar vasitəsi ilə mənim araşdırmalarımdan xəbər tutmuşdu, amma hansı istiqamətdə, – onun xeyrinə, yoxsa əleyhinə, – işlədiyimi bilmirdi. Hətta sonralar bunu inkar etmək istəsə də, məncə, ikinci ehtimala daha çox üstünlük verirdi, çünki dəfələrlə mənə mane olmağa çalışmışdı, əlimdə buna dair sübutlar var. Bunu etmək onun üçün asan idi, çünki çoxdan apardığı araşdırmaların yolundan getməyə məcburd idim, odur ki, istənilən halda məni qabaqlaya bilirdi. Bu da mənim metodikamın yeganə və qaçılmaz qüsuru idi ki, buna görə mənə tutulan iradları haqlı saymaq olardı, amma öz fikirlərimi mülayim tərzdə və ehtiyatla ifadə etməklə bu iradların təsirini əhəmiyyətli dərəcədə azalda bilirdim. Ümumən mənim yazım müəllimin təsirindən tamamilə azad idi; bəlkə də, bu məsələdə həddən artıq vasvasılıq edirdim, halbuki mənə qədər heç kəs bu hadisəni araşdırmamış, şahidləri dindirməmiş, ifadələri sistemləşdirməmiş, nəticələr çıxarmamışdı. Sonradan müəllimin broşürünü oxuduqda, – yazının görkəmli başlığı vardı: “Bu böyüklükdə köstəbəyi indiyə qədər hələ heç kəs görməyib”, – anladım ki, müəllimlə mən əsas məsələni, yəni nəhəng köstəbəyin mövcudluğunu sübut etdiyimizi düşünsək də, bəzi nöqtələrdə fikirlərimiz üst-üstə düşmür. Bu fikir ayrılıqları mənimlə müəllim arasında, – hər şeyə rəğmən böyük ümidlə gözlədiyim, – dost münasibətlərin qurulmasına mane olurdu. Əksinə, müəllimdə tədricən mənə qarşı düşmənçilik hissi oyanmağa başlamışdı. Düzdür, mənimlə həmişə təvazökarlıq və ehtiramla davranırdı, amma bununla həqiqi münasibətini daha aydın biruzə verirdi. Xülasə, müəllim elə hesab edirdi ki, mən bu işə qarışmaqla ona böyük zərər vurmuşam; o ki qaldı, araşdırmalarımın ona fayda gətirdiyi ya da gətirə biləcəyinə əminliyimə, müəllim ən yaxşı halda bunu axmaqlıq sayır, bəzən hətta lovğalıq, ya da hiyləgərlik etdiyimi də düşünürdü. Bunu xüsusilə tez-tez vurğulayırdı ki, indiyə qədər onun rəqibləri öz etirazlarını ya bildirməmiş, ya da ən azından təklikdə ona demiş, ən pis halda isə şifahi olaraq dilə gətirmişdilər. Mənsə onunla razılaşmadığım məqamları broşür şəklində çap etdirməyi lazım bilmişdim. Üstəlik, müəllimin rəqibləri bu məsələ ilə ən azından ötəri şəkildə tanış olmuş və öz düşüncələrini dilə gətirməzdən əvvəl bununla bağlı yeganə mötəbər fikir sahibi olan müəllimin sözlərini dinləmişdilər; mənsə pərakəndə şəkildə topladığım və bəzən düzgün şərh etmədiyim məlumatlardan elə nəticələr çıxarmışdım ki, bunlar əsasən doğru olsalar da, həm camaat üçün, həm də savadlı oxucular üçün inandırıcı deyildi. Bu məsələdə ən kiçik şübhə isə bütün işi korlaya bilər.

Üstüörtülü şəkildə olsa da, ortalıqda dolaşan bu iradlara asanlıqla cavab verə bilərdim; çünki onun öz yazdıqları əsla həqiqətə uyğun deyildi. Lakin müəllimin başqa şübhələrini ortadan qaldırmaq çox çətin idi, bu səbəbdən onunla mümkün qədər təmkinli davranmağa çalışırdım. Görünür, müəllim “köstəbək işini ilk üzə çıxaran adam” şöhrətini onun əlindən almaq istədiyimə əmin idi. Amma heç bir şöhrətdən, ad-sandan söhbət gedə bilməzdi, ortalıqda olsa-olsa gülünc bir vəziyyət vardı ki, bu da getdikcə kiçilən dar bir dairəyə məlum idi və əlbəttə, bu məni cəlb etməzdi. Bundan əlavə, yazımın giriş hissəsində tamamilə aydın şəkildə qeyd etmişdim ki, nəhəng köstəbəyin kəşfi şöhrəti əbədiyyətə qədər müəllimə məxsus olmalıdır, – hərçənd o köstəbəyi kəşf etməmişdi, – və mən onun taleyinə sadəcə acıdığım üçün əlimə qələm almağa məcbur olmuşam. “Yazımın məqsədi, – məqaləmin sonunda yersiz bir pafosla yazmışdım; amma bu pafos mənim o vaxt-kı həyəcanıma uyğun idi, – müəllimin əsərinin layiq olduğu qiyməti almasına kömək etməkdir. Əgər bu məqsədə nail ola bilsəm, qoy mənim bu problemlə sadəcə zahirən və ötəri şəkildə bağlı olan adım həmişəlik silinib unudulsun”. Bu işdə rolumun cüzi olduğunu qeyd etməklə, müəllimin məndən narazı qalacağını sanki əvvəlcədən hiss etmişdim. O isə yazımın məhz son hissəsinə əsaslanaraq məni tənqid atəşinə tutmuşdu; onun sözlərinin, daha doğrusu eyhamlarının zahirən bir az haqlı tərəfinin də olduğunu inkar etmirəm; ümumiyyətlə, dəfələrlə hiss etmişdim ki, müəllim öz məqaləsinə nisbətən mənə daha çox diqqət yetirir. Xülasə, müəllim yazımın son hissəsində ikiüzlülük etdiyimi söyləmişdi. Əgər onun elmi işinin yayılmasına həqiqətən kömək etməyə çalışırdımsa, bəs nə üçün sadəcə onun özündən və yazısından bəhs etməklə kifayətlənmir, nə üçün bu yazının bütün müsbət tərəflərini və təkzibolunmaz müddəalarını göstərmir, nə üçün bu kəşfin əhəmiyyətini vurğulamaq və izah etmək əvəzinə, onun məqaləsini kənara tullayıb, özüm bu işi araşdırmağa girişirəm? Bəlkə, bu kəşf yarımçıq edilib? Daha nələrisə tapmaq lazımdır? Madam ki, bu kəşfi özüm yenidən araşdırmalı olduğuma həqiqətən inanıramsa, nə üçün yazımın girişində bu kəşflə maraqlanmadığımı təntənəli şəkildə elan edirəm? Bu saxta təvazökarlıq kimi görünə bilərdi, amma təəssüf ki, daha da pisdir. Mən bu kəşfi gözdən salmağa çalışmışdım və onun dəyərsizləşdirmək, adiləşdirmək üçün hamının diqqətini onun üzərinə çəkmək istəmişdim; yazını yazmaqda məqsədim məhz bu olub. O isə məsələni araşdırıb kəşf etdikdən sonra öyünmək istəmədiyi üçün onu kənara qoyub. Bu məsələ ətrafında hay-küy bir az səngiyərkən, mən yenə onu eşələmiş və ortalığı qarışdıraraq, müəllimi daha çətin vəziyyətə salmışdım. Vicdanlı insan olduğunu müdafiə etməyimin nə əhəmiyyəti vardı onun üçün? Onu iş, yalnız iş maraqlandırır! Mənsə işə xəyanət etmişdim, çünki onun mahiyyətini anlamamışdım, çünki onu düzgün qiymətləndirməmişdim, çünki mən elə qabiliyyət və ağlın yiyəsi deyildim ki, onu araşdıra bilim. O qarşımda oturub, qocalmış, qırış-qırış üzünü mənə tutaraq səssizcə baxırdı, amma ürəyindən keçənlər məhz bunlar idi, başqa cür düşünə bilməzdi. Yeri gəlmişkən, onu yalnız işin maraqlandırdığı doğru deyildi; əslində şöhrətpərəst adamdı, hətta lovğa idi, üstəlik pul da qazanmaq istəyirdi və bu da, ailəsinin böyüklüyünü nəzərə alsaq, heç də təəccüblü deyildi. Amma mənim bu məsələyə qarşı marağım onun öz marağı ilə müqayisədə gözünə o qədər kiçik görünürdü ki, özünü təmənnasız biri kimi göstərə biləcəyini düşünür və bunu ikiüzlülük saymırdı. Etiraf etməliyəm ki, qocanın mənə qarşı sürdüyü ittihamların əslində onun öz arzusundan, yəni, necə deyərlər, öz köstəbəyindən ikiəlli yapışaraq, ona hətta barmağıyla toxunmaq istəyənləri də xain adlandırmasından qaynaqlandığını dəfələrlə öz-özümə desəm də, bununla təsəlli tapa bilmirdim. Əslində vəziyyət belə deyildi, müəllimin davranışları tamahkarlıqla, ən azından təkcə tamahkarlıqla izah oluna bilməzdi, bunun səbəbi daha çox, – uzun sürən səylərinin tam uğursuzluqla nəticələnməsindən doğan məyusluq idi. Amma bu məyusluq da hər şeyi izah etmirdi. Bəlkə, onun kəşfinə olan marağım doğrudan da böyük deyildi: başqalarının laqeydliyinə müəllim alışmışdı artıq və bundan əzab çəksə də, ayrı-ayrı hallar deyil, ümumi vəziyyət onu məyus edirdi. Və budur birdən-birə onun işi ilə fövqəladə dərəcədə maraqlanan biri peyda olmuş, amma o da məsələnin mahiyyətini anlamamışdı. Mənsə küncə sıxılmış olsam da, özümə haqq qazandırmaq istəmirdim. Zooloq deyildim, köstəbəyi mən kəşf etsəydim, bu işə dərindən girişərdim, amma mən kəşf etməmişdim. Belə nəhəng bir köstəbək, şübhəsiz ki, qeyri-adi hadisədir; amma bütün dünyanın bu işlə məşğul olmasını tələb etmək olmaz axı; üstəlik, bu köstəbəyin mövcudluğu təkzibolunmaz faktlarla sübut olunmamışdı və onu tapıb göstərmək də mümkün deyildi. Bunu da bilirdim ki, əgər köstəbəyi özüm kəşf etsəydim, bu qədər zəhmət çəkməzdim, amma müəllim üçün bunu könüllü edirdim.

Əgər yazım uğur qazansaydı, müəllimlə aramdakı anlaşılmazlıqlar bəlkə də silinib gedəcəkdi. Amma uğurdan əsər-əlamət də yox idi. Ola bilər ki, yazım çox da yaxşı alınmamışdı, kifayət qədər inandırıcı deyildi; mən ticarətlə məşğulam, şübhəsiz, belə bir yazını qələmə almaq üçün zəruri olan biliklərə görə müəlllimdən çox-çox üstün olsam da, ona baxanda istedadım kifayət qədər deyildi. Amma uğursuzluq başqa səbəblərdən də asılı ola bilərdi: bəlkə də, yazım əlverişsiz bir vaxtda çap olunmuşdu. Bir tərəfdən, böyük marağa səbəb olmayan kəşfin üstündən elə də çox vaxt keçməmişdi ki, yaddaşlardan silinsin, buna görə də yazımın yenilik kimi qəbul ediləcəyinə və daha çox diqqət çəkəcəyinə ümid etmək olmazdı. Digər tərəfdən də, ilk vaxtlardakı cüzi marağın tamamilə yox olması üçün kifayət qədər zaman keçmişdi. Mənim yazıma diqqət yetirənlər isə illər öncə aparılan müzakirələrdə olduğu kimi məyusluq içində bu mənasız məsələ ilə bağlı yenə boş yerə səylərin göstəriləcəyini düşünür, hətta bəziləri mənim məqaləmi müəllimin broşürü ilə qarışdırırdı. Kənd təsərrüfatından bəhs edən məşhur jurnalların birində bu sözlər, – xoşbəxtlikdən, jurnalın lap axırında və xırda şriftlərlə, – yazılmışdı: “Bizə yenə nəhəng köstəbəklə bağlı yazı yollayıblar. Yadımızdadır, illər öncə bu yazıya doyunca gülmüşdük. O gündən bəri nə bu yazıda ağıllı fikirlər meydana gəlib, nə də biz axmaqlamışıq. Amma indi ikinci dəfə onu lağa qoyub gülə bilmərik. Bunun əvəzinə müəllimlər ittifaqına belə bir sual yönəldirik: doğrudanmı, bir kənd müəllimi nəhəng köstəbəyin dalınca qaç-maqdansa, gedib özünə daha faydalı bir iş tapa bilmir?”. Bu, bağışlanılmaz səhv idi. Jurnalı çıxaranlar nə müəllimin, nə də də mənim yazımı oxumuşdular. Buna görə də, gözucu baxıb gördükləri “nəhəng köstəbək”, “kənd müəllimi” kimi sözlərdən istifadə etməklə ictimai rəyin təmsilçisi rolunda çıxış edə biləcəklərini düşünmüşdülər. Əlbəttə, bu iddiaya etiraz edib, təkzib verdirmək olardı. Amma müəllimlə aramızdakı anlaşılmazlıq məni bu addımı atmaqdan çəkindirirdi. Bunun əvəzinə, jurnalı müəllimdən bacardığım qədər gizlətməyə çalışırdım. Amma çox keçmədən o özü jurnalın varlığından xəbər tutmuşdu; bunu Milad bayramında mənə baş çəkmək niyyətində olduğunu bildirmək üçün yazdığı məktubda oxuduğum bir cümlədən təxmin etmişdim. Cümlə belə idi: “Dünya bədxahdır, insanlar isə onun bədxah olmasına kömək edirlər”. Bununla demək istəyirdi ki, mən bədxah dünyanın övladıyam və anadangəlmə bədxahlığımla kifayətlənməyib, dünyanın da bədxah olmasına kömək edirəm, yəni ümumi bədxahlığı oyandırmağa çalışır və onun qələbə çalmasına kömək edirəm. Amma mən zəruri qərarları almışdım, onu soyuqqanlılıqla gözləyə bilərdim; mənim yanıma təşrif buyuraraq, həmişəkindən daha kobud şəkildə salam verməsinə, səssizcə qarşımda oturmasına, qəribə astarlı pencəyinin döş cibindən çıxardığı jurnalı açaraq mənə uzatmasına sakitcə tamaşa etdim.

– Bilirəm, oxumuşam, – deyə jurnalı oxumadan kənara itələdim.

– Oxumusuz, – köks ötürərək dedi; onda başqalarının cavabını təkrarlamaq kimi köhnə müəllim vərdişi vardı. – Əlbəttə, mən bunu belə qoymayacağam, – barmağını əsəbi halda jurnalın üstünə vura-vura sözünə davam etdi; sanki başqa fikirdəymişəm kimi diqqətlə mənə baxırdı, yəqin, nə demək istədiyimi hiss etmişdi; dediyim sözlərdən çox, başqa əlamətlərə görə niyyətimi doğru təxmin etdiyini, amma bu təxminə inanmayıb diqqətini başqa istiqamətə yönəltmək istədiyini başqa vaxtlar da hiss etmişdim. O vaxt müəllimə nə dediyimi sözbəsöz təkrarlaya bilərəm, çünki o getdikdən sonra söhbətimizi kağıza köçürmüşdüm.

– İstədiyinizi edin, – dedim, – bu gündən yollarımız ayrılır. Məncə sözlərim sizin üçün nə gözlənilməz, nə də yersiz görünər. Bu qərarı jurnaldakı qeydlər üzündən verməmişəm; qeydlər qərarımın üstündə sadəcə möhkəm dayanmağıma səbəb olub. İlk vaxtlar işə qarışmağımla sizə kömək edəcəyimi düşünürdüm, amma indi görürəm ki, sizə hər cəhətdən zərərim toxunub. Bax, əslinə qalsa, qərarımın səbəbi budur. Niyə belə oldu, bilmirəm; uğur və uğursuzluğun səbəblərini hər cür yozmaq olar, siz də bunların arasından sadəcə mənim əleyhimə olanları ortaya çıxarmağa çalışmayın. Elə özünüzdən götürün, siz də yaxşı niyyətlərlə işə başlamışdınız, amma ümumilikdə baxsaq, uğur qazana bilmədiniz. Zarafat etmirəm; axı, mənimlə münasibətinizin də, təəssüf ki, sizin uğursuzluqlarınızdan biri olduğunu dedikdə öz əleyhimə danışmış oluram. İndi bu işdən uzaqlaşmaq istəsəm, bu nə qorxaqlıq, nə də xəyanət olar. Əksinə, bu addımı atmağa özümü məcbur edirəm; sizə necə böyük hörmətlə yanaşdığımı məqaləmdən görə bilərsiniz. Mənim bir növ müəllimim oldunuz; hətta köstəbəyi də sevməyə başlamışdım. Bunula belə, kənara çəkilirəm, köstəbəyi kəşf etmək şöhrəti sizə məxsus olmalıdır; nə qədər çalışsam da, bu şöhrətə çatmaqda sizə yalnız mane oluram, uğursuzluqlara yol açıb, onları sizin üstünüzə yıxıram. Hər halda siz belə düşünürsünüz. Nə isə, qurtaraq məsələni. Çəkməyə hazır olduğum yeganə cəza – sizdən məni bağışlamağınızı xahiş etmək və əgər istəsəniz, indi burada etdiyim etirafı hər kəsin qarşısında, məsələn, elə bu jurnalın səhifələrində təkrarlamaqdır.

Bax, o vaxt söylədiyim sözlər belə idi; tam səmimiyyətlə deyilməsə də, səmimi yerlərini asanlıqla görmək olardı. Sözlərim təxmin etdiyim təsiri göstərmişdi. Yaşlı adamların çoxunun gənclərə qarşı münasibətində nə isə saxta, yalan bir şey var; qocalarla bir yerdə sakitcə yaşayır, münasibətlərinizin möhkəm olduğuna inanır, onların mühüm fikirlərini bilir, sülhü, dincliyi dəstəkləyən sözlərini daim eşidir və bütün bunların təbii olduğunu düşünürsən; amma qəflətən mühüm bir hadisə baş verdikdə və çoxdan bəri qoruyub saxladığınız dinclik öz təsirini göstərməli olduqda, bu qocalar tamamilə yad adamlara çevrilir, daha dərin və daha səbatlı düşüncələrə sahib olur və ancaq bu zaman bayraqlarını açıb yuxarı qaldırırlar, sənsə qorxu içində bu bayraqların üstünə yazılmış yeni şüarı oxuyursan. Bu qorxunun əsas səbəbi – qocaların indi dediklərinin daha ədalətli, daha ağıllı və daha təbii olmasıdır. Misilsiz yalançılq və saxtalıq isə budur ki, onlar indi dediklərini əslində həmişə deyiblər. Məncə bu kənd müəlliminin psixologiyasına elə dərindən bələd olmuşdum ki, daha məni təəccübləndirə bilmirdi.

– Bala, – dedi və əlini əlimin üstünə qoyub dostca sığallamağa başladı, – bala, bu işlə məşğul olmaq hardan ağlına girdi? Bunu eşidən kimi oturub arvadımla danışdım, – birdən masadan kənara çəkilib əllərini yellədi və yerə baxmağa başladı; sanki arvadı kiçilmiş formada döşəmənin üstündə durmuşdu və onunla söhbət edirdi. – Necə illərdir, – ona dedim, – təkbaşına mübarizə aparırdıq, amma indi, deyəsən, şəhərdə böyük bir himayədarımız peyda olub, tacirdir, adı da belədir-elədir. Əməlli-başlı sevinə bilərdik, düzdür? Şəhərdə tacir olmaq balaca iş deyil! Səfil bir kəndli bizə inansa və bunu hər kəsə bildirsə, bizə heç bir köməyi dəyməz, çünki kəndlinin əlindən yaxşı iş gəlməz; istər qoca kənd müəllimi haqlıdır desin, istər ən ədəbsiz şəkildə həqarətlə tüpürsün, nəticə eyni olacaq. Bir kəndlinin əvəzinə on min kəndli bizi müdafiəyə qalxsa, bunun nəticəsi bəlkə daha da pis olar. Amma şəhərli tacir tamamilə başqa məsələdir, dost-tanışı çoxdur onun, sözgəlişi dediyi bircə kəlmə yayıla-yayıla ən yuxarı dairələrə qədər gedib çıxar, yeni himayədarlar bu işlə maraqlanar, onlardan biri, məsələn, deyər ki: “Görürsüzmü, kənd müəllimlərindən də nəsə öyrənmək mümkündür”, – və artıq ertəsi gün, görkəmlərinə baxsaq, belə bir şey gözləməyəcəyimiz neçə-neçə insan bu barədə bir-birinə pıçıldamağa başlayar. Və dərhal iş üçün maddi vəsait tapılar, biri pul toplayar, digərləri pulu onun ovcuna sayar; hamı deyər ki, kənd müəllimini kənddən çıxarmaq lazımdır; onun yanına gəlib, xarici görkəminə fikir vermədən öz aralarına alar, arvad-uşağı ondan ayrılmaq istəmədiyi üçün onları da apararlar. Şəhərlilərə indiyə qədər fikir vermisənmi heç? Hey civildəşirlər. Bir yerə toplaşdıqda isə, civildəşmə sağdan-sola, soldan-sağa yayılar, sonra geri qayıdıb, beləcə davam edər. Bax, bu cür civildəşə-civildəşə bizi arabaya mindirər, hamıyla vidalaşmağa hətta vaxt da verməzlər. Arabaçının yerində oturmuş cənab eynəyini düzəldib, qırmancı şaqqıldadar və araba yerindən tərpənər. Bizi aparmaq üçün gələn şəhərlilər kəndə tərəf baxıb əl edərlər, sanki biz onlarla getməyib kənddə qalmışıq. Şəhərdə hövsələsiz adamların mindiyi bir neçə araba bizi qarşılamaq üçün yola çıxar. Yaxınlaşdıqda yerlərindən qalxıb, bizi görə bilmək üçün boyunlarını uzadarlar. Daha əvvəl pul toplayan adam hər şeyi yoluna qoyar və kütləni sakitləşməyə çağırar. Şəhərə girdiyimiz zaman ardımızca gələn arabalar artıq uzun bir sıra ilə düzülər. Qarşılamaların, salamlamaların bitdiyini düşünərik, amma otelin qarşısında bunların hələ indi başladığını görərik. Şəhərdə belədir, səsləndiyin zaman dərhal ətrafına çoxlu adam toplaşar. Birini maraqlandıran məsələ dərhal digərini də maraqlandırmağa başlayar. Nəfəs alarkən bir-birinin düşüncələrini də içlərinə çəkib mənimsəyərlər. Arabada getməyə imkanı olmayanlar otelin qarşısında gözləyər, imkanlılar isə hörmətsizlik olmasın deyə, arabaya minməzlər; onlar da gözləyərlər. Pul toplayan adamın hər şeyi bu qədər dəqiqliklə yoluna qoymasına əməlli-başlı mat qalırsan”.

Müəllimi sakitcə dinləyirdim, hətta o danışdıqca daha da sakitləşirdim. Məqaləmin məndə olan bütün nüsxələrini masanın üstünə qoydum. Cəmi bir neçə nüsxə çatışmırdı, çünki hər yana göndərdiyim nüsxələrin son vaxtlar məktub yazıb geri qaytarılmasını tələb etmiş və çox hissəsini almışdım. Düzdür, bir çoxları onlara ümumiyyətlə belə bir yazı gəlib-gəlmədiyini xatırlamadıqlarını, gəlibsə də, təəssüf ki, itib-batmış olacağını nəzakətlə bildirən cavablar göndərmişdilər. Bu da məni qane edirdi, çünki əslində başqa bir şey istəmirdim. Yalnız bir nəfər məqaləmi maraq xatirinə özündə saxlamaq üçün məndən icazə istəmiş, məktubda yazdığım şərtlərə uyğun olaraq, yaxın iyirmi il ərzində onu heç kəsə göstərməyəcəyinə söz vermişdi. Müəllim məktubumu hələ görməmişdi. Mənə dediyi sözlərdən sonra məktubu ona göndərməkdə çətinlik çəkməyəcəyimə sevinirdim. Amma onunla danışmasaydım da, bunu rahatca edə bilərdim, çünki məktubu yazarkən cümlələri son dərəcə diqqətlə seçmiş, müəllimin və boynuna götürdüyü işin marağını əsla gözdən qaçırmamışdım. Məktubumdakı əsas müddəalar bunlar idi: “Məqaləmi geri istəməyimin səbəbi yazdığım fikirlərdən imtina etməyim, ya da bəzi yerlərinin səhv və ya isbatedilməz olduğunu düşünməyim deyil. Bu xahişimin sırf şəxsi, amma eyni zamanda çox məcburi səbəbləri var. Amma bunlar məsələnin özünə dair mövqeyim haqqında fikir yürütməyə qətiyyən əsas vermir. Bu son sözlərimə xüsusilə diqqət yetirməyinizi və fürsət tapdıqda bunları hər kəsə söyləməyinizi rica edirəm”.

Amma hələlik məktubun üstünü əllərimlə örtüb gizlətmişdim; ona görə də dedim:

– Demək, iş istədiyiniz kimi alınmadığı üçün mənə tənə vurmaq niyyətindəsiniz? Axı, bu tənələr nəyə lazımdır? Gəlin, vidalaşarkən bir-birimizin qəlbini qırmayaq. Doğrudur, siz bir kəşf etmisiniz, amma əzizim, heç olmasa bunu anlamağa çalışın ki, sizin kəşfiniz başqa kəşflərdən üstün deyil; yəni, sizə edilən haqsızlıq da başqa haqsızlıqlardan daha böyük deyil. Mən elmi dairələrin adətlərini bilmirəm, amma hətta ən yaxşı halda belə, zavallı arvadınıza da bəlkə təsvir etdiyiniz qəbul mərasiminə heç olmasa uzaqdan bənzəyən bir mərasimi düşünmürəm ki, sizin üçün təşkil etsinlər. Mən özüm də yazımın müəyyən təsiri olacağını gözləyirdim və ümid edirdim ki, məqaləm bəlkə bir professorun diqqətini bizim məsələnin üzərinə çəkə bilər, professor da öz tələbəsinə bu məsələ ilə məşğul olmağı tapşırar, tələbə durub yanınıza gələr, sizin və mənim araşdırmalarımı yenidən gözdən keçirər və nəhayət, çıxardığı nəticələri diqqətəlayiq hesab edərsə, – yeri gəlmişkən, tələbələrin hər şeyə şübhə ilə baxdığını unutmamaq lazımdır, – bir məqalə yazar, sizin yazdıqlarınızı bu məqalədə elmi şəkildə əsaslandırar. Amma bu ümid həyata keçsəydi belə, yenə çox şey əldə edilmiş sayılmazdı. Belə qəribə hadisənin müdafiəsinə qalxan gənc tələbənin məqaləsini lağa qoyub gülərdilər. Bunun necə asanlıqla baş verə biləcəyini aqrar məsələlələrə dair adi bir jurnalın nümunəsində görürsünüz, elmi jurnallar isə bu mənada daha amansızdır; bunu isə başa düşmək çətin deyil: professorlar elm qarşısında, gələcək nəsillər qarşısında böyük məsuliyyət daşıyırlar, hər yeni kəşfi tərifləyib göylərə qaldıra bilməzlər. Bu baxımdan bizim vəziyyətimiz daha əlverişlidir. Amma bunu bir kənara qoyub, fərz edək ki, tələbənin məqaləsi maraqla qarşılandı. Bunun nəticəsi nə olardı? Adınız bir neçə dəfə hörmətlə çəkilər, hətta sosial vəziyyətinizə də faydası dəyərdi bunun; “sən demə, bizim kənd müəllimi də gözüaçıq imiş” – deyərdilər və bu jurnal da, – əgər jurnalların yaddaşı və vicdanı varsa, – açıqca sizdən üzr istəyər, bəlkə xeyirxah bir professor da ortaya çıxıb sizə təqaüd verilməsinə nail olardı. Güman ki, sizi şəhərə köçürməyə çalışar, ibtidai məktəbdə sizə iş tapıb, öz biliyinizi artırmaq üçün yalnız şəhərdə olan elmi vasitələrdən istifadə etməyinizə imkan yaradardılar. Amma açıq demək lazımdırsa, mənə elə gəlir ki, bütün bunlar təşəbbüsdən o yana keçməz. Sizi doğrudan da şəhərə çağırardılar, siz də durub gedərdiniz, amma adi bir təmənnaçı kimi; xahiş etmək üçün şəhərə gələn yüzlərlə adam var, siz də onlardan biri olardınız; qarşılama mərasimi, təntənəli qəbul-filan, əlbəttə, təşkil olunmazdı; sizinlə söhbət edib, araşdırmalarınızı, səmimi cəhdlərinizi təqdir edəcəklər, amma eyni zamanda görəcəklər ki, yaşlı adamsınız, bu yaşda elmi fəaliyyətlə məşğul olmaq mənasızdır; siz də planlı araşdırmalar nəticəsində deyil, təsadüfən bu kəşfi etmisiniz, və bu yeganə hal istisna olmaqla, gələcəkdə bu istiqamətdə işləməyi düşünmürsünüz. Bütün bu səbəblərə görə, yəqin ki, sizi kəndə qaytarardılar. Amma kəşfiniz üzərində başqaları işləyəcək; çünki bu, bir dəfə təqdir qazandıqdan sonra unudulacaq bir mövzu deyil. Sizinsə bundan xəbəriniz olmayacaq, olsa belə, heç bir şey anlamayacaqsınız. İstənilən kəşf dərhal elmlər məcmusuna daxil edilərək müəyyən mənada kəşf olmaqdan çıxır, onun içində əriyərək yox olur; bundan sonra həmin kəşfi ayırd etmək üçün elmi təcrübəyə sahib olmaq lazımdır. Onu ağlımıza gəlməyən elmi müddəalarla əlaqələndirir və elmi müzakirələrdə bu müddəaların köməyi ilə göylərə qaldırırlar. Bunları biz hardan anlayaq?! Elmi diskussiyalara qulaq asdıqda, bizə elə gəlir ki, kəşfin özündən söhbət gedir, amma əslində tamamilə başqa mövzulardan bəhs edilir; növbəti dəfə elə olur ki, kəşfdən deyil, başqa bir şeydən danışıldığını zənn edirik, amma əslində bu dəfə kəşfin özündən söhbət açılmaq-dadır.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/franc-kafka/ifsa-edilmis-firildaqci-68342057/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Bir təpənin adı




2


Kimval və litavra – zərb alətləri




3


Salamat Qal




4


Salamat qal (frans.)



XX əsrin ən görkəmli almandilli, yəhudi əsilli yazıçısı Kafkanın absurd, ətraf dünya və ali qüvvə qarşısında qorxu dolu, oxucuda narahat hislər oyadan əsərləri dünya ədəbiyyatında nadir hadisədir.

Kafka sağlığında yaradıcılığında damla hesab edilə biləcək cəmi bir neçə qısa hekayə çap etdirmişdi. Yazdığı romanlar sonradan nəşr edilməsə idi, o, yazıçı kimi heç kimin diqqətini cəlb etməyəcəkdi. Ölümündən qabaq Kafka dostu Maks Broda bütün yazdıqlarını yandırmağı tapşırır. Maks bu vəsiyyətə əməl etməyərək, demək olar ki, Kafkanın yazdıqlarının əksəriyyətini çap etdirir. Beləcə, Kafka tanınmağa və məşhurlaşmağa başlayır.

Как скачать книгу - "İfşa edilmiş fırıldaqçı" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "İfşa edilmiş fırıldaqçı" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"İfşa edilmiş fırıldaqçı", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «İfşa edilmiş fırıldaqçı»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "İfşa edilmiş fırıldaqçı" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги автора

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *