Книга - Mumi atanın xatirələri

a
A

Mumi atanın xatirələri
Tove Jansson


Fin yazıçı Tove Yanssonun yazdığı Mummi seriyasının növbəti kitabı. İlk dəfə 1965-ci ildə yayınlanıb.





Tove Yansson

Mumi atanın xatirələri











ÖN SÖZ







Bir dəfə, isti bir yay günü, Mumi-trol hələ çox kiçik olanda, onun atası bərk soyuqladı. Ata ballı və soğanlı süddən içib, yataqda qalmaq istəmirdi. Bağda yelləncəkdə oturub burnunu çəkir və siqarın dözülməz dərəcədə iyrənc olduğunu deyib şikayətlənirdi. Ətrafda, çəmənlikdə burun dəsmalları vardı, anam zaman-zaman onları səbətə yığıb evə aparırdı.

Burun axması dayanmırdı, əksinə, getdikcə, daha da pisləşirdi. Ana isti toddini romla qarışdırıb ona tərəf uzatdı. Lakin bunun üçün artıq çox gec idi. Toddi ona süd və soğan kimi iyrənc görünürdü. O pəncəsini yelləyib hər şeydən imtina etdi və yatmaq üçün şimal çardağına getdi. Mumi-ata heç vaxt xəstələnməmişdi və buna görə də xəstəliyinə son dərəcə ciddi yanaşırdı.

Boğazı daha çox ağrımağa başlayanda o, Mumi-trolu, Snusmumriki və Sniffi çağırıb ətrafına topladı. Onlardan birlikdə yaşadıqları bu, həqiqi macəraçını unutmamalarını istədi və sonra Sniffə söylədi ki, qonaq otağında şkafda olan dəniz köpüklü tramvayı gətirsin. Lakin onun səsi o qədər xırıltılı idi ki, kimsə onun nə demək istədiyini anlamadı.

Yorğanı xəstənin üzərinə çəkib, təsəlli və təəssüf hisslərini dilə gətirib, ona karamel, aspirin və maraqlı kitablar verib yenidən günəşə çıxdılar.

Mumi-ata yataqda uzanıb yuxuya gedənə qədər qəzəbləndi. Günortadan sonra oyananda boğazının ağrısı bir az keçmişdi, lakin o yenə də qəzəbli idi. Ata yataq masasındakı zəngi çaldı, Mumi-ana dərhal onun yanına gəldi və özünü necə hiss etdiyini soruşdu.

– İyrənc, – ata dedi, – lakin indi mənim dəniz köpüklü tramvayıma maraq göstərsən yaxşı olar.

– Salondakı heykəlciyi nəzərdə tutursan? – Ana təəccübləndi. – Ona nəsə olub?

Mumi-ata oturdu.

– Bu tramvayın həyatımda nə qədər əhəmiyyətli rol oynadığını, həqiqətən, bilmirsən? – deyə o soruşdu.

– Deyəsən, onu lotoreyada qazanmışdın, ya da buna bənzər nəsə? – Ana cavab verdi.

Ata başını yellədi və ah çəkdi.

– Mən elə belə də bilirdim, –dedi, – Bu səhər soyuqdəymədən ölsə idim necə olacaqdı? Heç biriniz mənim tramvayımın əhvalatını bilməyəcəkdiniz. Məsələ təkcə tramvayla bağlı deyil, əminəm ki, başqa vacib məsələlərdə də vəziyyət eynidir. Sizə gəncliyimdən nə qədər danışsam da, əlbəttə ki, hər şeyi unutmusunuz.

– Bəzi detalları, həqiqətən, unutmuşam, – ana etiraf etdi, – yaddaşımız zamanla o qədər etibarsız olur ki… Nahar etmək istəmirsən? Bu gün tərəvəzli yay şorbası var.

– Fu, bu çox darıxdırıcı olardı, – Mumi-ata kədərlə söyləndi və divara tərəf dönüb öskürməyə başladı.

Mumi-ana bir müddət susaraq ona baxdı.

– Əzizim, qulaq as, gör nə deyirəm, – birdən dedi, – Çardağı təmizləyərkən orada böyük bir dəftər tapmışam. Bəlkə, öz gəncliyin haqqında kitab yazasan?

Ata heç nə demədi, amma öskürəyi dayandı.

– Lap yerinə düşərdi, sən həm xəstəsən, həm də çölə çıxa bilmirsən. – Ana davam edirdi. – Səhv etmirəmsə buna xatirə deyirlər, elə deyil?

– Öz həyatları haqqında yazanda – “Xatirələr” – deyə ata düzəliş etdi.

– Daha sonra isə yazdığın hər şeyi bizə ucadan oxuyarsan. Məsələn, səhər yeməyindən, ya da nahardan sonra.

– Bu, o qədər də asan deyil, – ata yorğanı üstündən atıb dedi, – səncə kitab yazmaq asan işdir? Fəsli sona qədər bitirməsəm bir kəlmə belə ucadan oxumayacam. Oxuyanda ilk sənə oxuyacam, daha sonra başqalarına.

– Sən necə istəyirsənsə elə də olsun, əzizim, – ana dedi və dəftəri axtarmaq üçün çardağa getdi.

– O özünü necə hiss edir? – Mumi-trol soruşdu.

– Daha yaxşıdır, – ana cavab verdi. – Lakin, xahiş edirəm, səs-küy salmayın, çünki bu gün atan öz xatirələrini yazmağa başlayır.









Giriş







Mən Mumi-trolun atasıyam. Pəncərənin kənarında oturub atəşböcəklərinin gecənin qaranlığına necə naxışlar vurmasını seyr edirəm.

Mən ailə başçısı və ev sahibi, çılğın gəncliyimə kədərlə baxır və ondan yazmağa qərara almışam, qələm pəncəmdə qeyri-müəyyən bir halda titrəyir.

Həyatımı qələmə almaqda mənə cəsarət verən, başqa bir müdrikin kəlamını misal gətirəcəyəm: “Kim olursa olsun, layiqli və ya ləyaqətli bir iş görmüşdürsə, əgər fəzilətli və həqiqətçidirsə, o zaman öz həyatını qələmə almalıdır, lakin bunu qırx yaşına çatmadan etməməlidir.”

Şübhəsiz ki, bir çox layiqli işlər görmüşəm və hətta mənə layiqli görünən daha çox işlər görmüşəm. Həqiqət çox darıxdırıcı olmadıqca çox fəzilətli və dürüstəm (neçə yaşım olduğunu isə, unutmuşam).

Bəli, özüm haqqında yazmağa yaxınlarımın təkidi ilə razı oldum, çünki əsərləri vadi boyunca oxunacaq bir yazıçı olmaq, açığı, məni də inanılmaz cəlb etdi. Qoy bu təvazökar notlar bütün Mumi-trollara, xüsusilə, mənim oğluma bir sevinc və dərs olsun. Yaddaşım yaxşı olsa da, təəssüf ki, artıq məni yarı yolda qoyur. Lakin tərcümeyi-halı bəzəyəcək bəzi əlavələri nəzərə almasaq, tamamilə, həqiqətləri yazacağam.

Heç kimin hisslərini incitməmək üçün, öz hekayəmdə, bəzən, filyonoku hemuli ilə, qafları isə kirpi və s. ilə əvəz edəcəm, lakin bu, dərrakəli oxucunun işin əslini anlamasına mane olmur. Oxucu, şübhəsiz ki, Snusmumrikin əsrarəngiz atasını, Yuxare obrazında tanıyacaq və şübhəsiz ki, heyvan Sniffin Şusselin övladı olduğunu anlayacaq. Ey sən, atasını ciddi və hörmətli biri olaraq görən, balaca, daha sonradan ata olan bu üç gəncin macəraları haqqında bu hekayəni oxu və bütün ataların eyni olduğunu anlayacaqsan (və ya gəncliyində elə idilər).

Şanlı gəncliyimiz haqqında həm özümə, həm də çağdaşlarımıza və gələcək nəsillərimizə yazmağı borc bilirəm. Mənə elə gəlir ki, bu yazını oxuyanların çoxu fikirli halda burnunu göyə qaldırıb: “Ay səni, Mumi-trol!” ya da “Bax, bu, əsl həyatdır!” (Necə də əhəmiyyətli və təntənəli bir məqamdır!)

Nəhayət, bir vaxtlar həyatımı, şübhəsiz ki, inci halına gətirməyə kömək edən hər kəsə – xüsusən də Fredriksona, hattifnatlara və mənim bənzərsiz və əziz həyat yoldaşım Mumi-anaya təşəkkürümü bildirirəm.




Anlaşılmazlığın əhatəsində necə böyüdüyümü, həyatımdakı ilk hadisəni, qaçaraq keçirdiyim o qorxunc gecəni və Fredrikson ilə tarixi bir görüşü izah etdiyim Birinci Fəsil







Çox uzun zaman əvvəl, darıxdırıcı və küləkli bir avqust axşamı, mumi-uşaq evinin pilləkənlərində, evdar qadınların bazara gedərkən götürdüyü sadə bir hörmə çanta tapıldı. Çantada köhnə qəzetlərə bükülmüş məndən başqa kimsə yox idi. Məni yumşaq yosunla örtülmüş zərif bir səbətə qoymaq daha romantik olmazdımı? Bu vaxt, uşaq evinin sahibəsi Hemuliha astrologiya ilə maraqlandı (yalnız məişət ehtiyacları üçün) və qeyd etmək lazımdır ki, dünyaya gəldiyim gün göydə hansı ulduzların üstünlük təşkil etdiyini öyrəndi. Ulduzlar fövqəladə və istedadlı bir mumi-trolun doğulduğunu xəbər verirdilər və bu, Hemulihanı narahat etdi, çünki onu incidəcəyimdən qorxurdu (dahilərin heç vaxt yaxşı həyat hekayəsi olmur, lakin bu heç vaxt, şəxsən məni narahat etməyib).

Ulduzların düzülüşü çox heyrətləndirici idi! Bir-iki saat tez dünyaya gəlsə idim, qumarbaz olardım; və məndən iyirmi dəqiqə sonra dünyaya gələnlər – nəfəsli alətlərdə ifa etmək üçün qarşısıalınmaz bir arzuları var idi. (Hamiləlikdən öncə, bütün valideynlərə məsləhət görərdim ki, bir daha düşünsünlər və diqqətlə hesablamalar aparsınlar.)

Məni çantadan çıxardıqları zaman, çox qətiyyətlə üç dəfə asqırdım. Deyəsən, bu nəyəsə işarət idi!

Hemuliha quyruğuma mum tökdü və sehirli on üç rəqəmini ora həkk etdi, çünki mən gəlməmişdən öncə, uşaq evində on iki körpə var idi. Onlar hamısı ciddi, səliqəli və itaətkar idilər, çünki Hemuliha onları qucaqlamaq əvəzinə tez-tez yuyurdu.

Əziz oxucular, bütün otaqları düz bir cərgə boyunca, düzbucaqlı formada, tünd sarı rəngə boyanmış bir mumi-evi təsəvvür edin. Mənə inanmırsınız? Bütün mumi-evlər həmişə ən gözlənilməz gizli otaqlar, pilləkənlər, eyvanlar və qüllələrlə doludur. Bütün evlərdə sadaladıq-larım var idi, lakin bu evdə yox! Ən pisi də bu idi ki, gecə nəsə yemək, söhbət etmək və ya gəzmək üçün qalxmağa icazə verilmirdi! (Hamam otağına belə getməyimizi istəmirdilər!)

Sevimli həşəratlarımı evə gətirmək və yatağın altında saxlamağa icazə verilmirdi. Yemək yeməyi və yuyunmağı yalnız müəyyən edilmiş vaxtda etmək lazım idi! Və salamlaşarkən quyruğumuzu qırx beş dərəcə kənarda tutmaq lazım idi! Bu barədə danışarkən göz yaşlarımı saxlaya bilmirəm!

Mən tez-tez dəhlizdəki kiçik güzgünün qarşısında dayanıb, şüşənin digər tərəfindəki kədərli mavi gözlərə baxıb, varlığımın gizli mənasını anlamağa çalışırdım. Ah çəkib, üzümü pəncələrimin arasında gizlədib, təkrar etdim: “Tamamilə, təkəm!”, “Ey zalım dünya!”, “Qədərdən qaçmaq olmur!” və özümü daha yaxşı hiss edənə qədər digər kədərli sözlər işlətdim. Mən çox tənha idim. Kimsə məni anlamırdı, xüsusilə də, mən özüm. Əlbəttə ki, mən özüm və digər mumi-uşaqları arasında fərqi görürdüm. Bunun çox hissəsi, onlarda ağıl və təəccübləndirmə qabilliyyətinin olmamasında idi.

Məsələn, mən Hemulihadan soruşa bilərdim:

– Niyə hər şey məhz belə qurulub, əksinə deyil?

– Əksinə! – Hemuliha gülümsədi. – Daha nələr! Elə dedin, sanki heç də yaxşı yaşamırıq!

Əslində, o mənə heç vaxt heç nə izah etmirdi və getdikcə daha çox inanırdım ki, o, sadəcə, belə şeylər haqqında düşünməməyi üstün tutur. “Nə, və nə vaxt?” və “Kim və Necə?” – Hemuliha üçün boş sözlər idi. Mən, məsələn, niyə mən olduğumu və başqa biri olmadığımı soruşdum.








– Bu, ikimiz üçün də böyük bir bədbəxtlikdir! Yuyunmusan? – Mənim bu vacib sualıma Hemuliha belə cavab verdi.

Amma mən əl çəkmirdim:

– Xala, bəs niyə sən mumi-trol deyil, hemulisən?

– Şükürlər olsun ki, mənim atam və anam hemuli idilər. – o cavab verdi.

– Bəs onların ata və anaları? – mən sakitləşmirdim.

– Onlar da! – Hemuliha qışqırdı. – Onların da ataları və anaları, həm də bütün ataları və anaları, və sayır, vəssalam, indi isə get yuyun, çünki əsəbləşməyə başlayıram!

– Sadəcə, dəhşət! Yəni onlar heçmi bitmədilər? – mən soruşdum. – Axı haradasa ilk ana və ata olmalı idi?

– Bu, o qədər çoxdan olub ki, artıq heç bir mənası yoxdur! – Hemuliha dedi, – Və bir də, başa düşmədim, niyə bitməliyik ki?

(Qəribədir, mənim hissiyatım, ata və ana zəncirimin adi bir zəncir olmadığını deyirdi. Naxışlı bir kral tacı olan yastığın içində tapıldığımı öyrənsəm, heç də təəccüblənmərəm. Lakin, təəssüf ki, bu, sadəcə, köhnə bir qəzet idi.) Bir dəfə yuxuda gördüm ki, Hemuliha ilə salamlaşarkən quyruğumu səhv bir açıda, yəni yetmiş dərəcədə tutmuşam. Mən ona bu xoş yuxumu danışdım və buna qəzəbləndimi deyə soruşdum.

– Yuxular – cəfəngiyatdır, – Hemuliha dedi.

– Bəs necə bilək, – mən etiraz etdim, – birdən, yuxuda gördüyüm mumi-trol gerçəkdirsə və burada dayanan, sadəcə, bir xəyaldırsa?

– Təəssüf ki, bu belə deyil! Sən varsan və buradasan, – Hemuliha ah çəkərək dedi, – Bəsdir, mənim vaxtım yoxdur! Sənin suallarından da başım ağrıdı! Sən böyüyəndə necə olacaqsan, təsəvvürüm belə yoxdur.

– Mən məşhur olacağam, – deyə ciddi bir şəkildə izah etdim, – və kiçik hemulilər üçün bir sığınacaq da quracam. Yataqlarında sandviç yemələrinə və yataqlarının altında istədikləri həşaratları saxlamalarına icazə verəcəyəm!

– Hemulilər buna heç vaxt razı olmazlar! – Hemuliha dedi.

Təəssüf ki, onun haqlı olduğunu düşünürəm.

Mənim uşaqlığım, beləcə, daim sakit və heyrət içində axıb gedirdi. Etdiyim tək şey “Haradadır?” və “Kim necə?” suallarını təkrarlamaq idi, buna görə də Hemuliha və onun itaətkar tapıntıları məndən qaçmağa çalışırdılar. Mən isə sığınacağın yaxınlığındakı sahildə gəzir, hörümçək toru və ulduzlar, gölməçələrdə olan kiçik heyvanlar və həmişə fərqli istiqamətdə əsən külək haqqında düşünürdüm. Bu, melanxoliya dövrü idi.

Lakin, tezliklə, bəzi dəyişikliklər baş verdi. Mən öz burnumun forması haqqında düşünməyə başladım. Getdikcə, özüm haqqında daha çox düşünməyə başladım və bu əyləncə mənə cəlbedici görünürdü. Artıq sual vermirdim, lakin bunun əvəzinə düşündüklərim və hiss etdiklərim haqqında danışmaq istəyirdim. Ancaq təəssüf ki, özümdən başqa heç kimə maraqlı deyildim. Və sonra, mənim inkişafımda çox böyük rol oynayan, bahar gəldi. Əvvəlcə onun şəxsən mənim üçün gəldiyini anlamadım. Pəncələrim sürətlə böyüdüyü üçün ağrımağa başlamışdı, lakin bütün bunların yalnız mənim üçün baş verdiyini anlamırdım. Və nəhayət, günlərin birində, küləkli bir səhər, bunu hiss etdim… Bəli, bəli, sadəcə, hiss etdim. Və dərhal, dənizə, Hemulihanın bəyənmədiyi və buna görə də hər kəsin ora getməsini qadağan etdiyi yerə, tələsdim.

Dəniz kənarında məni vacib bir kəşf gözlədi. Həyatımda ilk dəfə özümü tam boydan gördüm. Düz və parlaq buz parçası Hemulihanın dəhlizdəki aynasından daha böyük idi. Nəhayət, bütün ağzım və pəncələrimə qədər möhkəm, yaxşı qurulmuş simama baxa bildim. Məni bir az məyus edən şey pəncələr idi. Onlarda çarəsiz və uşaq kimi bir şey var idi. Ancaq düşündüm ki, bəlkə zamanla bu da keçər. Axı mənim üstünlüyüm, şübhəsiz ki, başım idi. Nə etsəm də başqaları üçün mən cansıxıcı olmayacam və heç kim mənim pəncələrimə fikir verməyəcək.

Ovsunlanmış halda öz əksimə baxırdım. Daha yaxşı baxmaq üçün qarnımın üstündə buz üzərinə uzandım. Amma həmin an da yox oldum. Orada, getdikcə, daha da dərinləşən yaşıl bir duman görünürdü. Buz altında olan qəribə, gizli bir dünyada, qeyri-səlis kölgələr hərəkət edirdi. Onlar təhlükəli və çox cazibədar idi. Başım fırlanmağa başladı və düşündüm: buz parçalansa və mən oraya yıxılsam, nə olar? Bu qəribə kölgələrin arasına… Bu fikir o qədər dəhşətli idi ki, bir daha öz-özümə təkrar etdim: daha dərin, daha dərin…

Bu məni çox həyəcanlandırdı. Ayağa qalxıb, buzun dayanıqlı olub olmamasını yoxlamaq üçün üzərində bir az tullandım. Buz bərk idi. Sonra nə olacağını görmək üçün daha da irəli getmək qərarına gəldim. Lakin buz mənim ağırlığıma dözmədi. Birdən, yuvarlanıb soyuq yaşıl suya düşdüm. Çarəsiz pəncələrimi dibsiz və təhlükəli qaranlığa saldım, buludlar isə heç nə olmamış kimi səmada uçurdular.

Dəhşətli buz kölgələrindən biri məni yesə necə bəs? Qulağımın birini kəsib, uşaqları üçün evinə aparacaq və deyəcək: “Soyumadan tez yeyin! Bu, əsl mumi-troldur, nadir bir ovdur!” ya da birdən dalğa məni sahilə çırpsa, Hemuliha da ağlayaraq bütün tanışlarını inandıraraq deyəcək: “Ah, bu, qeyri-adi mumi-trol idi! Təəssüf ki, mən bunu çox gec anladım…”








Artıq öz cənazəmi xəyal edirdim ki, birdən nəyinsə quyruğumu yumşaq şəkildə sıxdığını hiss etdim. Quyruğu olan hər kəs, bədənimizin bu xüsusi bəzəyinin nə qədər diqqətlə idarə olunmalı olduğunu və hər hansı bir təhlükəyə və kobudluğa nə qədər həssas olduğunu bilir.

Xəyallarımdan oyanıb hərəkət etməyə başladım. Qətiyyətlə buzun üzərinə çıxıb sahilə çatdım. Orada öz-özümə dedim: bu bir hadisə idi. Həyatımda ilk hadisə. Daha Hemulihanın yanında qala bilmərəm. Taleyimi öz pəncələrimin arasına alma zamanı gəlmişdir!

Mən bütün gün titrədim, lakin kimsə bunun səbəbini məndən soruşmadı. Və bu, qətiyyətimi daha da gücləndirdi. Alaqaranlıqda çarşafı uzun zolaqlara ayırdım, onlardan kəndir toxudum və pəncərənin kənarına bağladım. İtaətkar olanlar etdiklərimi yaxından izləyirdilər, lakin heç nə demədilər və bu məni çox incitdi. Axşam çayından sonra diqqətlə düşünüb, vida məktubu yazdım. Məktub sadə, lakin daxili ləyaqətlə dolu idi. Bax, bu cürə səslənirdi:



Əziz, Hemuliha!

Mən əminəm ki, irəlidə məni böyük işlər gözləyir, amma mumi-trolun da həyatı çox qısadır. Buna görə də mən gedirəm, əlvida! Mənim üçün kədərlənməyin, şöhrət qazanıb qayıdacağam!

P.S Qidalarınızdan bir qutu balqabaq püresi aldım.

Sağlıqla qalın!

Hər kəsdən fərqli olan, Mumi-trol.


Qərar artıq verilmişdir! Qarşıda məni hansı hadisələrin gözləyəcəyini bilmədən səyahətə çıxdım. Hələ çox gənc mumi-trol idim, kədərlə çəmənliklərdə gəzir, vəhşi çuxurların səssizliyində ah çəkdim və gecənin dəhşətli səslərinə qulaq asdım, bu yalnızlığımı daha da artırdı.

Bədbəxt uşaqlıq xatirələri Mumi-ataya o qədər təsir etdi ki, hekayəsində bu nöqtəyə çatanda, ara verməyə qərar verdi. O qələmini yerə qoyub, pəncərəyə yaxınlaşdı. Mumi-Vadisində, tamamilə, sakitlik idi. O, öz-özünə gülümsədi və ayaqlarını pəncərədən sallayıb nərdivanı tutdu.

– Salam, ata, – Mumi-trol qonşu pəncərədən onu salamladı, – Nə edirsən?

– Gimnastika, oğlum, – Mumi-ata cavab verdi. – Çox faydalıdır! Bir addım aşağı, iki yuxarı, bir addım aşağı, iki yuxarı! Əzələləri möhkəmlədir!

– Ehtiyatlı ol, yıxılma! – Mumi-trol dedi, – Xatirələrin necədir?








– Yaxşıdır, – Mumi-ata dedi və titrəyən ayaqlarını pəncərənin üstünə atdı. – Hal-hazırda qaçmışam. Hemuliha ağlayır. Çox dramatik olacaq.

– Bizim üçün nə zaman oxuyacaqsan? – Mumi-trol soruşdu.

– Tezliklə. Gəmiyə çatan kimi. Öz yazdıqlarımı oxumaq çox əyləncəlidir!

– Əlbəttə, – Mumi-trol əsnəyərək dedi, – Gecən xeyirə qalsın.

– Gecən xeyirə qalsın, – ata dedi və qələmin qapağını açdı. – Deməli belə, harada qalmışdım?… Aha, qaçdım, sonra da səhər… Yox, bu daha sonra idi. Qaçış gecəsinin təsvirinə rəng qatmaq lazımdır.

Bütün gecə tanımadığım, darıxdırıcı yerlərdə gəzdim. İndi geriyə baxanda, özümə çox üzülürəm! Mən durmağa, ətrafa baxmağa cəsarət etmədim. Qaranlıqda nələrin gizləndiyini bilmək olmaz! “Ah, bu Hemulilər olmayan dünya” – deyə oxumağa çalışdım, lakin səsim elə titrəyirdi ki, daha da qorxunc olmağa başladı.

O gecə duman var idi. Hemulihanın yulaf əzməsi kimi qalın, çöl sahələrini, kolları və daşları formasız örtərək canavarlara çevirmişdi – onlar üzərimə gəlir, əllərini mənə uzadırdılar… Bədbəxt mən! O an hətta Hemulihanın şübhəli kompaniyası belə mənə təsəlli olardı. Lakin geri dönmək, – heç vaxt! Xüsusilə də, belə gözəl vida məktubundan sonra! Nəhayət, duman çəkildi.

Üfüqdə inanılmaz bir şey baş verdi. Duman Hemulihanın papağının örtüyü kimi çəhrayı oldu və bir anda, bütün dünya dostcasına olub çəhrayıya boyandı! Mən hərəkətsiz dayanıb, gecənin keçib getməsini izləyirdim, və indi səhər məni gözləyirdi, yalnız mənə aid olan, mənim sabahım! Əziz oxucular, siz təsəvvür edin ki, nifrət etdiyim o möhürləyici mumu necə sevinclə qoparıb kənara atdım! Və sonra – soyuq bir səhərin şəfəqləri altında – yenicə qovuşmuş azadlığının şərəfinə mumi-rəqsini etməyə başladım.

İndi, bir daha yuyunmayacağam! Saat beşi göstərdiyi üçün şam yeməyini etməyə məcbur olmayacağam! Padişah istisna olmaqla quyruğunuzla kimsəyə salam vermək məcburiyyəti də olmayacaq!

Günəş səmaya ucalıb hörümçək torlarına və yaş yarpaqlara öz şəfəqini yaydı və yavaş-yavaş gözdən itən dumanın arasından yolu gördüm. Bu, yol məni, kimsənin həyatına bənzəməyəcək bir dünyaya çıxaracaq.

Balqabaq püresini yeyib bankanı kənara atdım, bununla da yeganə mülkümdən qurtuldum. Məni heç bir iş gözləmirdi və köhnə vərdişlərə görə də nəsə edə bilməzdim, çünki ətrafdakı hər şey yeni idi. Heç vaxt özümü bu qədər yaxşı hiss etməmişdim.

Bu heyrətamiz əhval-ruhiyyə axşama qədər məni tərk etmədi. Azadlığa və özümə o qədər alüdə olmuşdum ki, yaxınlaşan gecənin qorxusu belə yox idi məndə. Ən vacib sözlərdən ibarət (indi, təəssüf ki, unutmuşam) bir mahnı oxuyaraq gecənin qollarına addımladım.

Külək əsərək tanımadığım xoş bir qoxu yaydı ətrafa. O zaman meşənin belə qoxduğunu, yosun, fern və digər iri ağacların ətirlərinin olduğunu bilmirdim. Gəzməkdən yorulub oturdum və soyuqdan donmuş ayaqlarımı qucaqlayıb qarnıma sıxdım. Kim bilir, bəlkə də balaca hemulilər üçün sığınacaq açmağa dəyməz. Yeri gəlmişkən, onlar nadir hallarda tapılırlar. Və sadəcə, bir macəraçı olmaq, məşhur olmaqdan daha yaxşı deyilmi? Sonda, məşhur macəraçı olmaq qərarı verdim. Və yuxuya getməzdən əvvəl düşündüm: sabah!

Oyandığımda üzərimdə yeni, yaşıl və parlaq bir dünya var idi. Çox təəccübləndim və buna görə məni başa düşmək çətin deyildi – axı bütün həyatım boyu bir dənə də olsun ağac görməmişdim. Fikirlərimi toplamaq üçün bir müddət başımın üstündə dayandım. Sonra düzəlib qışqırdım:

– Sabahınız xeyir! Bu gözəl yer kimindir belə? Ümid edirəm, burada hemulilər yoxdur?

– Bizim vaxtımız yoxdur! Biz oynayırıq! – quşlar cavab olaraq qışqırdılar.

Daha sonra mən meşəyə getdim. Yosunlar isti və çox yumşaq idi, lakin fernlərin altında dərin kölgələr gizlənirdi. Baxdığınız hər yerdə sürünən və uçan canlılar görmək olardı, amma təbii ki, ciddi söhbətlər etmək üçün onlar daha çox kiçik idilər. Nəhayət, tək tənha oturan yaşlı bir kirpi ilə tanış oldum.

– Sabahınız xeyir! – onu salamladım, – mən xüsusi ulduzların altında dünyaya gələn tənha gəzərəm.

– Belə de, – kirpi çox maraq göstərmədən mızıldandı. – Mən isə işləyirəm. Qatıq üçün qab hazırlayıram.

– Əla! – mən dedim və anladım ki, acmışam. – Bəs bu gözəl yerin sahibi kimdir?

– Heç kim! Hər kəs! – kirpi çiyinlərini çəkərək dedi.

– Bəs mən? – deyə soruşdum.

– Hə, əlbəttə.

– Buranın hemulilərin heç birinə aid olmadığına əminsiniz? – narahatlıqla soruşdum.

– Kimə? – kirpi soruşdu.

Vay, bu şanslı qadın ömrü boyu hemuli ilə rastlaşmayıb!

– Hemulinin dəhşətli ayaqları var və onlarda yumor hissi olmur. – deyə izah etdim, – Burunları görkəmlidir, bir qədər də yastıdır, saçları isə anlaşılmaz formadadır. Hemuli zövq xatirinə heç nə etmir, ancaq lazım olanı edir və hər zaman başqalarına nə etməli olduqlarını öyrədir və…

– Oh, dəhşət! – kirpi qışqırdı və ağacın arxasında gizləndi.

Bura heç kimin deyil, eyni zamanda da ümumidir, buna görə də mənim də sayılır. Nə ilə məşğul ola bilərəm? Və o an ağlıma bir fikir gəldi. Mumi-trol varsa və müəyyən bir yer varsa, əmin olun ki, orada mütləq ki, bir ev olacaq. Necə də gözəl bir fikir idi: öz əllərimlə tikəcəyim bir ev! Yalnız mənə məxsus olacaq bir ev! Yaxınlıqda, mumi-trol üçün çox uyğun görünən bir çay və yaşıl çəmənlik tapdım. Və hətta çayın kənarında kiçik bir qumlu çimərlik də var idi.

Mən bir çubuq götürüb qumun üzərində evimin rəsmini çəkməyə başladım. Bir saniyə belə tərəddüd etmədim – mumi-trolun evinin necə görünəcəyini bilirdim. Mən onu hündür və dar etdim, çox eyvanı, pilləkənləri və qüllələri var idi. Üst mərtəbədə üç kiçik otaq və hər cür əşyalar üçün bir şkaf düzəltdim, alt mərtəbədə isə böyük, zərif bir qonaq otağı yerləşirdi. Çöldən şüşəli bir veranda var: burada sallanan kresloda oturacağam, yanıma meyvə şirəsi və sandviç qoyub çayı seyr edəcəyəm.

Ümumiyyətlə, evin özü mütləq kirəmitli sobaya bənzəyirdi. Sadəcə, inanılmaz sürətlə böyüyən bu gözəl quruluş, məni valeh etdi. Düşünürəm ki, məsələ irsi keyfiyyətlərdə-dir, eyni zamanda istedad, tənqidi düşüncə və qabilliyətlərini ayıq şəkildə qiymətləndirmə bacarığıdır, həm də. Lakin yaradıcının öz yaradıcılığını tərifləməsi düzgün olmadığından, mən sizə işimin nəticəsini ümumilikdə izah edirəm.








Birdən hava soyudu. Fernlərin kölgəsi bütün meşəyə yayıldı, axşam yaxınlaşırdı. O qədər yorğun və ac idim ki, başım döndü və kirpinin hazırladığı yeməkdən başqa nəsə düşünə bilmədim. Üstəlik, kim bilir, bəlkə damı boyamaq üçün boyası da var…

– Sən yenə buradasan? – kirpi soruşdu. O, qabları yuyurdu. – yenə mənə Hemuli haqqında danışmağa çalışma.

Pəncələrimi yelləyib cavab verdim:

– Əziz xanım, indi onlar haqqında danışacaq halda deyiləm. Mən ev tikmişəm! İkimərtəbəli ev! Yorulmuşam, çox xoşbəxtəm və inanılmaz dərəcədə acam! Mən saat beşdə nahar etməyə öyrəşmişəm. Üstəlik, damı boyamaq üçün qızılı boyaya da ehtiyacım var…

– Bax sən! Qızılı boya? – kirpi narazı halda sözümü kəsdi. – Yeni qatıq hələ mayalanmayıb, köhnəni isə artıq yemişəm. Siz tam da qablar yuyulan vaxta gəldiniz.

– Nə deyirəm ki, elə də olsun. – deyə cavab verdim, – Bir macəraçı üçün bir stəkan qatıq nədir ki. Xanım, xahiş edirəm, yeməyi atın və mənimlə gəlib tikdiyim yeni evə baxın!

Kirpi şübhə ilə mənə baxdı, ah çəkib əllərini dəsmala sildi və dedi:

– Yaxşı. Eviniz haradadır? Uzaqdır?

Onu çayın yanına apardım, ev olan yerə yaxınlaşdıq.

– Və? – kirpi dedi.

– Buyurun, əziz xanım, – mən qumluqdakı evin rəsmini göstərib ona dedim. – Evimi bax belə təsəvvür edirəm… Mən, tamamilə, dolaşığa düşdüm.

Bilirsiniz, əziz oxucular, inşaata o qədər başım qarışdı ki, evin hazır olduğuna mən belə inandım! Bu, əlbəttə ki, çox canlı bir təsəvvürə – gələcəkdə mənim və yaxınlarımın həyatında həlledici olacaq bir keyfiyyətə dəlalət edirdi. Kirpi heç nə demədi. Mənə uzun-uzadı baxdı, xoşbəxtlikdən, anlaya bilmədiyim bir şeylər dedi və qablarını yumağa getdi.

Çayın içinə girdim və heç nə düşünmədən soyuq suyun içində gəzməyə başladım. Çaylar tələsmədən axdıqca axırdı. Bəzi yerlərdə şəffaf və dəyaz idi, bəzi yerlərdə isə daha da dərinləşirdi. Günəş – çox qırmızı idi, çox aşağı enmişdi və şam ağaclarının arxasından üzərimə işıq saçırdı, mən isə gözlərimi yumub yoluma davam edirdim.

Nəhayət, ağlıma yeni bir fikir gəldi. Özünüz düşünün, gözəl çiçəklərlə dolu bir çəmənlikdə ev tiksəydim, o zaman çəmənliyi məhv edərdim, elə deyilmi? Çəmənliyin yanında ev tikmək daha yaxşı fikir idi, lakin təsəvvür edin ki, çəmənliklərin yanında ev tikmək üçün yer yox idi. Və əsas məsələ – mən ev sahibi olacaqdım. Belə bir sual yaranır, ev sahibi eyni zamanda macəraçı ola bilər? Yox!

İndi isə bunu düşünün: birdən bütün ömrüm boyu bu kirpi ilə qonşuluqda yaşayası olsam? Ehtimal edirəm, onun böyük kirpi ailəsi var və hamısı, çox güman ki, onun kimidir. Yəni, əslində, çox şanslı idim: bir anda üç bəladan qurtulmuşdum. İndi geriyə baxanda, düşünürəm ki, ev tikmək mənim inkişafım üçün, ən böyük əhəmiyyət kəsb edən, ilk həyat təcrübələrimdən biri idi. Beləliklə, sərbəstliyimi və özünə hörmətimi itirmədən, qəribə və sakit bir səs məni düşüncələrimdən ayırana qədər axınla getməyə davam edirdim. Çayın ortasında, budaqlardan və sıx yarpaqlardan toplanmış möhtəşəm bir su çarxı fırlanırdı. Mən təəccüb içində dayandım. Və birdən kiminsə səsini eşitdim:








– Təcrübə aparıram. Dövriyyələri hesablayıram.

Gözlərimi qıyıb kolların arasından görünən iki yekə qulaq gördüm.

– Kimsiniz? – soruşdum.

– Fredrikson, – qulaqlı həmsöhbətim cavab verdi, – bəs, siz kimsiniz?

– Mən mumi-trol, – deyə cavab verdim, – Çox xüsusi ulduzların altında doğulmuş qaçaq.

– Məhz, hansı ulduzlar? – Fredrikson açıq bir maraqla soruşdu və mən çox sevindim, çünki həyatımda ilk dəfə idi ki, ağıllı sual eşidirdim.

Çaydan çıxdım, Fredriksonun yanında oturdum və doğuşumu müşayiət edən bütün əlamətləri ona danışdım. O, bir dəfə də olsun sözümü kəsmədi və mən Hemulihanın məni tapdığı gözəl bəzəkli səbətdən danışdım. Anlaşılmazlıqlar içində keçən uşaqlığım və o, dəhşətli evimdən bəhs etdim.

Nəhayət, mən Fredriksona macəraçı olmaq istədiyimi izah etdim. (Ev və kirpi haqqında danışmamaq qərarına gəldim – niyə ikincili detallara fikir verim axı?) Fredrikson diqqətlə qulaq asıb, lazım olan məqamlarda qulaqlarını yellədi. Mən söhbəti bitirdikdən sonra o bir az düşündü və dedi:

– Qəribədir. Bütün bunlar olduqca qəribədir.

– Doğrudan? – mən minnətdarlıqla razılaşdım.

– Hemulihalar xoşagəlməz varlıqlardır. – Fredrikson dedi.

O fikirli halda cibindən sandviç çıxarıb yarısını mənə verdi. Daha sonra bir müddət yan-yana oturub günəşin batışını izlədik.

Fredrikson ilə uzun müddət davam edən dostluğumuz boyunca, həmsöhbətini, heç nə demədən, sakitləşdirmək və inandırmaq bacarığına malik olmasına hər dəfə təəccüblənirdim. Təəssüf ki, mən elə deyildim, lakin dəyişmək fikrim də yox idi.

Gün möhtəşəm sonlandı. Ruhunda narahatlıq olan hər kəsə, axar çayın içində fırlanan su çarxını izləməyi məsləhət görürəm. Daha sonra, oğlum Mumi-trola belə təkərlər düzəltmə sənətini öyrətdim. (Bu belə hazırlanırdı: iki kiçik nizəni kəsib bir-birindən bir qədər aralıda dərənin dibindəki quma basdırın. Dörd uzunsov sıx yarpaq tapın və ortasından bir budaqla deşin və ümumi götürdükdə, bir ulduz düzəldin.)

Meşə, tamamilə, qaranlıq olanda, Fredriksonla çəmənliyə getdik və orada gecələdik. Biz mənim evimin verandasında yatdıq, lakin Fredriksonun bundan xəbəri yox idi. Lakin mən ev haqqında düşünməyə davam edirdim. Üst mərtəbəyə bir pilləkəni necə quracağımı başa düşdüm. Artıq evin mükəmməl və müəyyən mənada, hazır olduğuna əmin idim. İndi bir anlıq onu unutmaq olardı. İndi əsas olan ilk dostumu tapmağım idi, bu da həyatımın ciddi şəkil aldığının göstəricisi idi.









Şusseli povestə daxil etdiyim, dodo Edvardı oxucuya tanıtdığım və “Dəniz Orkestrının” unudulmaz açılışını təsvir etdiyim ikinci fəsil







Oyandığımda Fredrikson çayda bir tor qururdu.

– Salam, – dedim, – burada balıq varmı?

– Yox, – Fredrikson cavab verdi. – Ad günü hədiyyəsidir.

Əslində, toru ona öz əlləri ilə toxuyan qardaşı oğlunun verdiyini və Fredrikson onu istifadə etməsə çox üzüləcəyini demək istəyirdi. Zamanla onun qardaşı oğlunun adının Şussel olduğunu və valideynlərinin ümumi təmizlik zamanı öldüyünü öyrəndim. İndi o, bir qəhvə qabında yaşayırdı və, əsasən də, düymələr toplayırdı. Elə də uzun hekayə deyil, elə deyilmi? Ancaq Fredrikson bütün bunları bir anda izah edə bilməzdi.

O qulağı ilə mənə işarət edib yolu göstərərək meşənin içindən keçdi. Biz qəhvə qabının qarşısında dayandıq. Fredrikson içərisində noxud olan sidr fitini çıxarıb iki dəfə üfürdü. Qapaq açıldı, Şussel qutudan tullanıb məmnuniyyətlə bizə tərəf qaçdı.

– Sabahınız xeyir! – deyə o qışqırdı. – Bu ki əladır! Düşünürəm ki, bu gün sürpriz gözləməli olduğumu söyləmişdin?! Kimi gətirmisən? Bu mənim üçün şərəfdir! Təəssüf ki, çatdırıb bankanı təmizləyə bilmədim…

– Narahat olma, – Fredrikson dedi. – Tanış ol, Mumi-trol.

– Salam! – Şussel qışqırdı. – Çox şadam! Mən indi… Bir saniyə, bir şey götürməliyəm…

Şussel bankaya girdi və dəhşətli bir gurultu ilə orada nə isə axtarmağa başladı. Tezliklə, qolunda kiçik bir qutu tutaraq çıxdı və üçümüz də meşənin içərisindən keçərək getdik.

– Qardaş oğlu, – Fredrikson birdən dedi. – Rəsm çəkə bilirsən?

– Həm də necə! – Şussel dedi. – bir dəfə, bütün əmi-uşaqlarına, harada oturacaqlarını bilmələri üçün ziyafətə ad kartları çəkmişdim. Hər birinin öz xüsusi kartı var idi! İstəyirsən sənin üçün də hazırlayım? Ya da hansısa aforizm qeyd edim? Bağışla, amma tam olaraq nə istəyirsən? Bunun sənin sürprizinlə bir əlaqəsi varmı?

– Bu sirdir, – Fredrikson cavab verdi.

Şussel həyəcandan tullandı, qutusunu bağlayan ip açıldı və bütün əşyaları yosunun içinə töküldü: mis spirallar, corablar üçün elastik bantlar, naxışlar üçün silindirlər, sırğalar, kavanozlar, qurudulmuş qurbağalar, pendir dilimləri, siqaret kötükləri, çoxlu düymələr və bir şüşə qapağı.

– Sakit ol, – Fredrikson dedi və hər şeyi geri topladı.

– Əvvəllər çox əla ipim var idi, amma o itib! Bağışlayın! – Şussel dedi.

Fredrikson cibindən ip çıxarıb qutunu bağladı və biz davam etdik. Bir az getdikdən sonra Fredrikson qalın bir fındıq ağacının yanında dayandı və dönüb bizə ciddi baxdı.

– Sürprizin oradadır? – Şussel pıçıldadı.

Fredrikson başını tərpətdi. Biz təntənəli şəkildə sürünüb fındıq bağına keçdik və bir az sonra ortasında gəmi olan bir sahəyə çıxdıq.

O, Fredrikson kimi geniş və sabit idi, eyni dərəcədə də, etibarlı və möhkəm idi. Gəmilər haqqında heç bir məlumatım yox idi, amma gəminin ideyasını dərhal hiss etdim:

macəraya susamış ürəyim sürətlə döyünməyə başladı, buradan yeni azadlıq qoxusu alırdım. Eyni zamanda, bu gəminin Fredriksonun xəyallarında necə doğulduğunu, onu necə düşünüb çizdiyini və səhərlər bura gəlib onu necə qurduğunu xəyal etdim. Yəqin ki, uzun zamandır bu işlə məşğuldur, lakin kimsəyə bu barədə nəsə deməyib, hətta Şusselə belə. Mən birdən kədərləndim.

– Ona nə ad vermisən?

– “Dəniz Orkestrı” – Fredrikson dedi. – Bu itkin düşmüş qardaşımın şeirlər toplusunun adı idi.

– Olar adını mən yazım? Xahiş edirəm! – Şussel mızıldandı. – Nə? Doğrudan? Sən razısan? Quyruğuna and iç! Bağışla, bəs bütün gəmini rəngləyə bilərəm?

Fredrikson başını tərpətdi və dedi:

– Ehtiyatlı ol, su xəttini boyama.

– Mənim qırmızı boyam da var! – Şussel xoşbəxtlikdən qışqırdı. – və bir də kiçik şüşədə ultramarin… Nə xoş təsadüfdür! Necə də gözəldir! Mən indi evə gedim, sizə səhər yeməyi hazırlayım və qəhvə qabını təmizləyim… – Onun bığları həyacandan titrədi və o evə qaçdı.








Mən gəmiyə baxıb dedim:

– Vay!

Sonra Fredrikson danışmağa başladı. Uzun müddət dayanmadan danışdı və danışdıqları hamısı gəmisinin inşası ilə bağlı idi. Sonra bir kağız və qələm çıxarıb təkərlərin necə dönəcəyini göstərdi. Onun izah etdiklərini anlamaq mənim üçün çətin idi, lakin bir şeyi anladım ki, onu nəsə narahat edir. Mənə elə gəlir, bu vintlərlə bağlı idi. Ona bütün qəlbimlə rəğbət bəsləyirdim, amma təəssüf ki, problemin mahiyyətini anlaya bilmədim; istedadlı olmağıma baxmayaraq, təəssüf ki, hələ də bəzi sahələrdən anlayışım yox idi, onlardan biri də mühəndislik idi.

Gəminin ortasında çuxurlu kiçik bir ev var idi, bu da məni çox maraqlandırdı.

– Sən burada yaşayırsan? – deyə soruşdum.

– Hə, – Fredrikson cavab verdi.

Bir az fikrə getdim. Ev zövqsüz idi və praktik deyildi. Qapını açıb içəri girdim. Evin tam ortasında üzərini papaqla örtmüş bir nəfər yatırdı.

– Kim olduğunu bilirsən? – mən təəccüblə Fredriksondan soruşdum.

Fredrikson ona yaxınlaşdı.

– Yuxare. – o dedi.

Mən də yaxınlaşıb ona baxdım. Verdiyi təəssürat yumşaq, təsadüfi və bir az açıq qəhvəyi rəngdə idi. Çox bərbad vəziyyətdə olan papaq, qurudulmuş çiçəklərlə bəzədilmişdi. Görünürdü ki, Yuxare uzun müddətdir yuyunmur və elə bir fikri də yox idi. Sonra Şussel gəldi və qışqırdı:

– Hər kəs masaya!

Yuxare oyandı və eyni pişik kimi dartınmağa başladı.

– Hup-heff – deyərək əsnəyirdi.

– Bağışlayın, amma Fredriksonun gəmisində sizin nə işiniz var? – Şussel qəzəblə soruşdu. – Burada “Giriş qadağandır” yazısını görmədiniz?

– Əlbəttə gördüm, – Yuxare gülümsəyərək cavab verdi. – Bu səbəbdən buradayam.

Bu hadisə bir şəxsiyyət olaraq Yuxare haqqında çox şey deyirdi. Onu yarı yuxulu pişik həyatından oyada biləcək tək şey, qadağası olan bir işarə, bağlı qapı və ya divar idi; və əgər parkda gözətçi görsə idi, onun bığları titrəyərdi və sonra ondan hər şey gözləmək olardı. Digər vaxtlarda isə, bildiyiniz kimi, o, ya yatır, ya yemək yeyir, ya da xəyallara dalırdı. Təsvir etdiyim vaxt, Yuxare yeməklə məşğul idi. Buna görə də biz Şusselin bankasına qayıtdıq, burada soyuq bir omlet, şahmat taxtasının üzərində bizi gözləyirdi.








– Səhər mənim əla bir pudinqim var idi, – Şussel dedi, – amma o harasa yoxa çıxıb. Bu, sözdə, – sürətli omletdir!

Şussel omletləri banka qapağına qoydu və bizim necə yeməyimizə diqqətlə baxdı. Fredrikson nəzərə çarpacaq bir səylə bir xeyli çeynəyirdi və bu an çox qəribə görünürdü. Nəhayət, o dilləndi:

– Qardaş oğlu, nəsə bərk bir şey var.

– Bərk?! – Şussel heyrətlə soruşdu, – yəqin mənim kolleksiyamdan nəsə var… Tüpür! Tez tüpür onu!

Fredrikson dişləri çıxan iki qara əşyanı yerə tüpürdü.

– Oh, bağışla məni! – Şussel dedi, – bunlar mənim çarx-larımdır. Yaxşı ki sən onları udmadın!

Lakin Fredrikson bir söz demədi, alnını qırışdırıb bir xeyli önünə baxdı. Və birdən Şussel ağlamağa başladı.

– Gəl, qardaşın oğlunu bağışla, – Yuxare dedi. – Bax, o çox pis olub.

– Bağışlamaq? – Fredrikson dedi. – Əksinə!








O kağız və qələm götürüb vint və təkərlər işləsin deyə çarxları necə birləşdirməyi göstərdi.

Bu an Şussel qışqırdı:

– Ola bilməz! Mənim çarxlarım sənin ixtirana lazım olacaq?

Biz yeməyimizi yüksək əhval-ruhiyyədə bitirdik. Fredriksonun qardaşı oğlu o qədər ruhlandı ki, özünün yekə önlüyünü geyindi və bir dəqiqə belə itirmədən “Dəniz Orkestr”ını qırmızı rəngə boyamağa başladı. O, əlindən gələni edirdi: bir az sonra nəinki gəmi, ətrafındakı torpaq belə qırmızı rəngə boyandı. Səmimi desəm, bu qədər qırmızı bir məxluq həyatımda heç görməmişdim.

Gəminin adı ultamarinlə hazırlanıb yazıldı.

İş bitdikdən sonra Fredrikson baxmaq üçün yaxınlaşdı.

– Gözəldir, elə deyil? – Şussel həyəcanla onun üzünə baxıb dedi. – Mən əlimdən gələni etdim!

– Görünür, – Fredrikson qırmızıya boyanmış qardaşı oğluna baxıb etiraf etdi.

Sonra o əyri su xəttinə baxıb dedi.

– Hmm.

Sonra ada baxdı və əlavə etdi:

– Hmm, hmm








– Nəyisə səhv yazmışam? – Şussel narahat halda soruşdu. – Nəsə bir söz de, yoxsa yenə ağlayacağam! Bağışla! “Dəniz orkestrı” – çox çətin addır!

– “Dənis orkestoru! – Fredrikson oxudu və sonra bir az düşündü və dedi – Sakitləş. Bu da gedər.

Şussel rahat nəfəs aldı və boyanın qalığı ilə evini rəngləmək üçün evə tələsdi.

Axşam Fredrikson dərəyə bir tor qoydu. İçərisinə aneroid barometrinin yerləşdiyi gəmi alətləri üçün kiçik bir qutu düşəndə necə təəccübləndiyimizi təsəvvür edə bilmərsiniz! Bu heyrətamiz tapıntılara hələ də heyranam!

Ata dəftəri bağladı və maraqla dinləyicilərə baxdı.

– Nə düşünürsünüz? – deyə soruşdu.

– Məncə çox gözəl bir kitab olacaq, – Mumi-trol ciddi şəkildə dedi.

– Gəl, etiraf et ki, çox şeyi uydurmusan, – Sniff dedi.

– Heç də yox! – Mumi-ata etirazını bildirdi. – O dövrlərdə hər şey, tamamilə, fərqli idi! Burada hər söz doğrudur! Lakin, əlbəttə ki, bəzi yerlərdə rənglər əlavə etmişəm…

– Maraqlıdır, – Sniff dedi, – indi, atamın kolleksiyası haradadır?

– Hansı kolleksiya? – Mumi-ata başa düşmədi.

Sniff təkrarladı:

– Atamın düymə kolleksiyası. İndi demək istəyirsən ki, Şussel mənim atam deyil?

– Əlbəttə, o sənin atandır, – Mumi-ata cavab verdi.

– Bəs onda onun qiymətli kolleksiyası haradadır? Onlar mənə miras qalmalı idilər.

– “Huff-heff” atam dediyi kimi, – Snusmumrik dedi, – Yuxare haqqında niyə belə az danışırsan? O indi haradadır?

– Ax bu atalardan kim anlar axı… – Mumi-ata qeyri-müəyyən halda pəncəsini yellədi. – Onlar gəlib-gedirlər… Nə də olmasa mən onları xatirələrimdə gələcək nəsillər üçün qoruyub saxlamışam.

Sniff fınxırdı.

– Belə çıxır ki, Yuxare də parklardakı gözətçilərdən xoşlanmırdı? – Snusmumrik fikirli halda soruşdu. – Bax sən…

Onlar gözlərini yumub ayaqlarını çəmənliyə uzatdılar.

– Ata, – Mumi-trol dedi, – niyə o vaxtlar belə qəribə danışırdılar?

– Burada qəribə nə var ki? – ata əsəbləşdi. – Düşünürsən ki yazıçı necə gəldi özünü ifadə edə bilər?

– Hə, amma bəzən sən hər kəs kimi özünü ifadə edirsən. – oğlu etiraz etdi. – Və Şussel də sizinlə normal danışır.

– Boş şeydir! – ata dedi. – Üstəlik, bir şey haqqında necə düşündüyümüzlə, necə danışdığımız arasında böyük fərq var. Yəni, demək istəyirəm ki, fikirlərimiz və mülahizələrimiz, onlar haqqında danışmağa başlayanda, tamamilə, fərqli səslənir və hər şey əhval-ruhiyyədən asılıdır… Mən belə düşünürəm.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/tuve-yansson/mumi-atanin-xatir-l-ri-68341976/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



Fin yazıçı Tove Yanssonun yazdığı Mummi seriyasının növbəti kitabı. İlk dəfə 1965-ci ildə yayınlanıb.

Как скачать книгу - "Mumi atanın xatirələri" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Mumi atanın xatirələri" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Mumi atanın xatirələri", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Mumi atanın xatirələri»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Mumi atanın xatirələri" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги автора

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *