Книга - Dodaqdan qəlbə

a
A

Dodaqdan qəlbə
Rəşad Nuri Güntəkin


Roman kiçik yaşlarında çoxlu əziyyət və məşəqqətlər yaşayan Hüseyn Kənanın həyatından bəhs edir. Uşaqlığı çətin keçən Kənan məşhur bəstəkar ikən san-şöhrət onun başını gicəlləndirir, keçmişdəki ağrılı-acılı illərinin intiqamını alırmış kimi əyləncəli, qayğısız bir həyat yaşamağa qərar verir. Bu yolda o hətta onun musiqisinə dəlicəsinə vurulan gənc, saf Lamiənin həyatını məhv etməkdən belə çəkinmir. Yetim, köməksiz qızı həyatın axarına buraxaraq gələcəyi üçün xeyirli olacağını düşündüyü Cavidanla ailə həyatı qurur. Lakin bu izdivac ona xoşbəxtlik gətirmir. Sonda yalançı şan-şöhrət, zəngin həyat tərzi onu bezdirir, əvvəlki həyatına qayıtmağı, hüzuru lamiyənin sevgisində tapmağı çox arzulayır. Bu istək onda xəstəlik halını alır. Lamiyəyə qovuşmaq istəsə də, buna nail ola bilmir və həyatına intiharla son qoyur.

Lamiə isə həyatın bütün zərbələrinə baxmayaraq qızı Məbrurə ilə birlikdə öz namusunu qoruyub yaşamağı bacarır və sonda həqiqi sevgisinə qovuşur.

""Dodaqdan qəlbə"" romanı lirik-realist üslubda yazılsa da, müəllif bu əsərdə dövrünün ictimai problemlərinə də biganə qalmamışdır. Əsərdə öz məhəbbəti naminə əzablara düçar olan Lamiənin məşəqqətli həyatı və məxsus olduğu cəmiyyətin ziddiyyətləri real bədii təsvirlərlə verilmişdir.





Rəşad Nuri Güntəkin

Dodaqdan qəlbə











BİRİNCİ HİSSƏ





I


Ev sahibi yemək otağının eyvana açılan qapısından qonağını səslədi:

– Paşa, sən bu gözəl ay işığında yuxulamaq fikrindəsən? Bircə dəqiqəliyə bura zəhmət çək…

Yolun yorğunluğu canından hələ çıxmamış, bir az da yeməkdən ağırlaşmış şahzadə Vəfiq paşa geniş bir kresloda yayxanıb qalmışdı. O, tənbəl-tənbəl gözlərini açaraq, yorğun bir halda:

– İnsafın olsun, – dedi, – yəqin ki, məni təzədən bir də yedirtmək fikrində deyilsən!..

Münir bəy yavaş-yavaş ona tərəf yeriyərək:

– Bu səfərki bir başqa cür ziyafətdir, – dedi. – İndiki cavanların dili ilə desək “gözlər üçün bədii bir ziyafətdir”.

– Yox, heç ona da taqətim yoxdur.

– Əziz qonaqlarım üçün bağımdakı müxtəlif üzüm növlərindən, xüsusilə öz yetişdirdiyim məhsullardan çərəz süfrəsi acmışam.

– Bircə gilə də yeyə bilmərəm: partlaram.

– Ərz etdim ki, paşam, mənim süfrəm mədə və damaqdan daha çox gözləri oxşamaq üçündür.

Münir bəy köhnə dostundan əl çəkmir, onu durmağa məcbur etmək üçün kreslonu yavaş-yavaş yırğalayırdı.

Vəfiq paşa taqətsiz halda yerindən qalxdı.

Evi dörd tərəfdən əhatə eləyən eyvanın üstü üzüm çardağı ilə örtülmüşdü. Asma budaqların arasından düşən ay işığında yarpaqların və salxımların böyümüş kölgələri daş döşəməyə nağıllardakı saraylara məxsus naxışlar salmışdı.

Vəfiq paşa yemək otağına girəndə birdən dirçəldi (o, həyəcanlananda fransızca, bir işdən və ya siyasətdən söhbət düşəndə ingiliscə danışardı). Heyrətlə əllərini qaldırdı; kiçik, qısa vücudunu ucaltmaq istəyirmiş kimi pəncələrinin ucuna qalxaraq fransızca:

– Əzizim, bura pərilər aləmi, “Min bir gecə” saraylarının xəzinəsidir ki… – dedi.

Yemək masasının üstünə başdan-başa üzüm dolu büllur nimçələr düzülmüşdü. Qırmızı, bənövşəyi, sarı, yaşıl salxımlar asma lampanın donuq işığında ləl-cəvahir kimi parıldayırdı. Vəfiq paşa sözünə türkcə davam etdi:

– Yəqin ki, Cəm sarayının məşhur süfrəsi də buna bənzər bir şeymiş. Haqlısanmış, Münir. Sən bu çərəzlərdən əməlli-başlı bir incəsənət əsəri düzəltmisən.

Münir bəy əsərindən razı bir sənətkar qüruru ilə əllərini ovuşdurdu.

– Elədir kı, var, – dedi və getdikcə artan bir hərarətlə sözünə davam etdi. – Hər il bu vaxt belə canlı bir muzey düzəldirəm. Bunu sənə də göstərə bildiyim üçün çox şadam. Muzeyimin qiymətli cəhəti bilirsənmi nədədir? Bu gördüyün üzüm növlərinin çoxunu özüm yetişdirmişəm. Dünya ilə əlaqəmi kəsib bağlarıma çəkildikdən sonra meylimi üzümçülüyə salmışam. Bu bağlara yaxşı baxsam, İzmirin ən dövlətli adamı ola bilərəm. Ancaq bilirsən ki, mən dünyada kefi qazancdan üstün tuturam. Bağlarıma bir tacirdən daha çox sənətkar kimi qulluq edirəm. Oğulsuz-uşaqsız həyatımı bütünlüklə yaxşı üzüm növləri yetişdirməyə vermişəm. Yeni rəngdə, yeni dadı olan bir üzüm növü yetişdirəndə, elə bil dünyanı mənə bağışlayırlar.

Vəfiq paşa ucaboylu dostunun çiyinlərini oxşamaq üçün qollarını geniş açaraq yuxarı qaldırdı:

– Bu da adətən bir növ xəstəlikdir ki, adına gərək ki, istafilomani deyilir… Elə deyilmi? Əslində üzümçülüklə incəsənət arasındakı münasibəti inkar etmək olmaz. Təsəvvür et ki, Şərqdə şeir şərabdan, yəni üzümdən, yunanlarda ədəbiyyat səhnə ayinlərindən, latınlarda…

Vəfiq paşa çoxdan özünü incəsənət nəzəriyyəçisi sayır, fürsət tapdıqca ətrafındakılara zorla mənasız və qatma-qarışıq nəzəriyyələr dinlədirdi. Dostunun köhnə peşəsindən hələ də əl çəkmədiyini hiss edən Münir bəy, “təhlükə”nin qarşısını almaq üçün Vəfiq paşanın dodaqlarına bır salxım üzüm uzatdı:

– “Ləbinigar”ımdan mütləq bir neçə salxım yeməlisiniz. Bunda bir gilas dadı var. Bunları nahar vaxtı çox bəyəndiyiniz, “nurkar” növü ilə o qarşıdakı nimçədə parıltı salan “tacizər” üzümünü calaq etməklə almışam. Şəkil və rəng etibarilə analarına və atalarına heç bir oxşarı yoxdur, elə deyilmi? Təbiətin anlaşılmaz qanunları var, əzizim. İnsanlarda olsa, pisliyə yozarıq, “mütləq burada şeytan barmağı, qadın xəyanəti var", – deyərik. Ancaq bu üsul, yeni peyvənd öz əlimlə olduğu üçün belə bir şübhə meydana çıxmır. Budur, daha bir təzə növ – “çardaq xurması”. Yalnız şəkli və üzərinə toz çökmüş kimi görünən parlaq rəngi deyil, dadı ilə də bir az xurmaya oxşayır. Kiçik bir haşiyəyə çıxım… Gizli bir ümidim, böyük bir arzum var ki, onu da ancaq sənə deyə bilərəm. Mən üzümlərlə çiçəklər arasında əlaqə əmələ gətirmək istəyirəm. Təbiətə yeni bir calaq, peyvənd qanunu hədiyyə etmək ümidindəyəm. Bu peyvəndin nəticələrini bir təsəvvürünə gətir – bax, bu ala-bəzək muncuqlara bənzəyən “mahi-səhər”lə bir bənövşə, yaxud güldən alınmış bir məhsuldur… Bənövşə, yaxud gülün ətrini verən bir üzümdür… Görürsən ki, mən də bir şair, ya bir heykəltəraş kimi həyat yaradan bir sənətkaram…

Vəfiq paşa qəhqəhələrlə gülür, bir az əvvəl bir gilə də üzüm yeyə bilməyəcəyini söylədiyi halda, hər nimçənin qabağında ayrıca ayaq saxlayır, oradakı salxımlardan alaraq lampaya tərəf tutur, hərəsindən bir neçə gilə alıb dadına baxırdı.

Vəfiq paşa ilə Münir bəy çoxdan tanış idilər. Qırx il bundan əvvəl ailələri birini İzmirdən, digərini Misirdən Parisə oxumağa göndərmişdi. Bu iki gənc orada bir yerdə yaşamış, az çalışıb çox əylənmişdilər. O zamana aid elə xatirələri vardı ki, illər keçdikcə aralarındakı yaxınlıq daha da möhkəmlənmişdi. Daha sonra təsadüf onları İstanbulda görüşdürmüşdü. İkisi də beş ilə qədər Dövlət şurasında üzv olub, yoldaşlıq etmişdilər. Nəhayət, Münir bəy uzun müddət Londonda səfir müşaviri olmuşdu. Hər il bir neçə ay İngiltərədə yaşamağa gedən Vəfiq paşa köhnə dostu ilə tez-tez görüşərdi.

Şahzadə Vəfiq kübar, centlmen, bir az da səfahətə meyil edən bir adamdı. Təbiəti böyük əməllərlə, böyük fikirlərlə uyuşa bilmirdi, özünü vəzifə əsiri etmək istəməyən geniş fikirli, həyat intizamına tabe olmayan sənətkar ruhlu bir adam hesab edirdi.

Arvadının vəfatından sonra heç bir ciddi işlə məşğul olmamış, balaca qızı ilə ölkələri bir-bir gəzməyə başlamışdı. Kübarlara məxsus dəniz kurortlarının, at yarışlarının, sərgi və teatrların mövsümünü əldən qaçırmamağa çalışırdı. Getdiyi yerlərdə daima sənətkarlarla durub-oturur, onlarla yaxınlıq etməyi özü üçün bir növ fəzilət sayırdı. Qohum-əqrəbası onun bu xasiyyətini xoşlamır, onu yungülbeyin “sənət sərsərisi” adlandırırdılar. Bu dedi-qodular qulağına çatdıqda, Vəfiq paşa istehza ilə gülür, böyük bir əda ilə “sənətkarlıq nəcabəti heç bir nəcabətlə müqayisə edilə bilməz, bu, “sənət sərsərisi” adı mənə bütün adlarımdan xoş gəlir”, – deyirdi. Həsəb-nəsəbdən bəhs ediləndə, ona “şahzadə” deyə müraciət edildiyi vaxt sıxılır kimi görünür, yorğun və etinasız vəziyyət alırdı. Bununla birlikdə “kim olmasının” gizli qalmasını da istəmir, buna dözmürdü.

Bir məclisdə onu yaxşı tanımayan adamlara rast gəldikdə, kim olduğunu tanıtmağa səy edir, bundan ötrü qabıqdan çıxırdı. Nəhayət, əsl bir şahzadə olduğunu başa saldıqdan sonra, yanındakılardan onu, özlərinə bərabər saymağı, kim olduğunu unutmamalarını rica edirdi.

Restoran, meyxana divarları üçün qarpız, üzüm, balıq şəkli çəkən yoxsul “ölü təbiət” rəssamlar, sərxoşluq üzündən orkestrlərdən qovulmuş sərsəri çalğıçılar ondan “ideya” almağa gələrdilər. Vəfiq paşa sənətə aid fikirlər və ideyalarla bərabər, onlara bir qədər pul da verərdi.

Hara gedirdisə, yol aptekçəsi və qiymətli təsbeh kolleksiyası həmişə yanında olan qızı Cavidanı da özü ilə aparırdı. Daima səyahətlərdə keçən “yüksək sərsəri” həyatı ucbatından, şahzadə Cavidan əməlli-başlı təhsil və tərbiyə görməmişdi. O da atası kimi özünə güvənir, sənətə qiymətli bir bəzək kimi baxırdı. Amma bununla birlikdə gözəl çöhrəsi kimi, zəngin gözaldadıcı bir zəkası vardı. Jurnallardan, ədəbiyyat kitablarından, sənət məclislərində eşitdiklərindən toplamış mənasız, ancaq bərli-bəzəkli fikirlərini olduqca gözəl bir şəkildə ifadə edə bilir, atası kimi sözə başlar-başlamaz çulunu sudan çıxarırdı.

Münir bəy bir qədər kefcil, sadə və ağıllı bir adam idi. O, Vəfiq paşa ilə Cavidandakı zahiri parıltıya və sənət aludəçiliyinə, hiss etdirmədən, xəfifcə istehza edirdi. Bəyənməməsinə baxmayaraq, Münir bəy, onların hər ikisini sevirdi. Onların başqalarından daha çox özlərini aldatdıqlarını və bundan razı qaldıqlarını görür, bu məsələdə saf bir səmimiyyət duyurdu.

On il bundan əvvəl İzmirdəki üzüm bağlarına çəkilib, burada yaşamağa başlayan Münir bəy, köhnə dostunu xeyli vaxt idi kı, görməmişdi. Vəfiq paşa hərdənbir məktub yazır, “həm köhnə dostunun yanında bir-iki gün qonaq qalıb cavanlıq xatirələrini yada salmaq, həm də zəngin Ayasloq[1 - İzmir yaxınlığında, eramızdan xeyli əvvələ məxsus antik abidələri olan yer.] xərabələrinə baxmaq istəyirəm”, – deyirdi.

Nəhayət, bu yay arzusunu yerinə yetirməyə fürsət tapmış, bir miras işi ilə əlaqədar olaraq İstanbuldan Misirə gedərkən, beş-altı günlüyə İzmirdə dayanmışdı.


* * *

– Ata, niyə mənimlə getmədin? Elə bir fürsəti əlindən qaçırtdın kı…

Vəfiq paşa ilə Münir bəy üzlərini eyvana açılan qapıya tərəf çevirdilər. Cavidan gözəl qamətinə bir heykəl vüqarı verən çərçivə içərisində durur, çardağın gümüşü nəqşləri boynunda, ağ paltarında oynaşırdı. Ev sahibi gənc qıza tərəf addımladı, uca qəddini bir az əyərək, yüngül istehzalı bir rəsmiyyətlə:

– Şahzadə xanım, – dedi, – bir dəqiqə içəri zəhmət çəkin. Möhtərəm atanızın köhnə dostu kimi sizə, böyük, hökmdarlara layiq bir hədiyyə vermək istəyirəm. “Böyük, hökmdarlara layiq” deməyimə gülürsünüz. Kim bilir, indiyə qədər sizə necə qiymətli hədiyyələr veriblər. Ancaq bu hədiyyələri verənlərin hamısı daima bir qədər qızarmışlar, sizə layiq şeyləri olmadığını utana-utana söyləmişlər. Mən isə şahzadə xanım, əksinə, hədiyyəmlə çox fəxr edirəm. Bu həmişə yaşayacaq bir yadigar, yeddi ilə başa gəlmiş canlı bir “şah əsər”dir…, “insan həyatda gör nələr yarada bilir”, – deyə göstərə biləcəyim bir əsər…

Ata-qız bir-birinə baxıb güldülər. Münir bəy masanın ortasındakı kənarları oymalı büllur bir nimçəni əlinə götürdü, nimçədə açıq-yaşıl rəngli bir üzüm salxımı vardı. Ev sahibi onu lampaya tərəf tutaraq:

– Şahzadə xanım, buna bir tamaşa eləyin, – dedi. – Hansı əsatir əfsanəsinin zümrüd salxımları içərisində bundan daha gözəl bir yaşıllıq ola bilər? Gilələrinin içinə diqqət edin. Hərəsində üç, ya dörd şəffaf tum var, lap almaza oxşayır. Elə bil, bu zümrüdləri içəridən işıqlandıran ziyanı onlar yayır. Yeddi illik əməyimin məhsulu olan bu üzüm icazənizlə sizin adınızı daşıyacaq. İnsanlar onu “şahzadə Cavidan”, – deyə tanıyacaqlar.

Münir bəy gözlərində gizli bir istehza, sözünə davam etdi.

– Hədiyyəmə niyə “böyük, hökmdarlara layiq” dediyimi, indi yəqin başa düşdünüz? İncinin, zümrüdün, nə qədər uzun olsa da, müəyyən bir ömrü var. Düzdür, bu salxım da təravətini saxlamayacaq. Ancaq gələn il də, o biri il də, bir əsr keçəndən sonra da, xülasə, dünya durduqca yenidən həyata gələcək. “Şahzadə Cavidan” hər il yayın axırlarında, belə ən gözəl bir gecədə yenidən dünyaya gələcək.

Cavidan salxımdan bir kiçik zing qopartdı. Gülə-gülə bir sancaqla yaxasına taxdı.

Onlar sonra eyvana çıxdılar. Vəfiq paşa qızından soruşdu:

– Haraları gəzdin, Cavidan?

– Bağın lap o biri başına qədər getdim. Ay işığında bağda gəzmək nə qədər gözəl olurmuş, ata! Heç fikir verməmişdim. Torpaq başdan-başa çılpaq, ağacsız. Yalnız sıra ilə düzülmüş meynələrin kiçik kölgələri var… Birdən irəlidən bir kaman səsi gəlməyə başladı. Məşhur “Şərq gecələri”ni çalırdılar, özü də bilsən necə gözəl, necə ustalıqla çalırdılar, ata.

Şahzadə Vəfiq başını ağır-ağır yırğalayaraq:

– Deyəsən, ay işığı səni həyəcanlandırıb, qızım, – dedi.

Sonra Münir bəyə döndü:

– Bu “Şərq gecələri” yaman şöhrət qazanıb ha! Hara gedirəm, onu çalırlar. Təsəvvür et ki, meyxana və qəhvəxana qrammofonları belə bu havanı çalır. Hər halda Ərəb dərəsinin[2 - Ərəb dərəsi, Bozyaxa İzmir civarında üzüm bağları olan mənzərəli yerdir.] bu a-lya türk gözəlliyi içərisində bu hava çox qəribə səslənir.

Ev sahibi:

– Sizə bundan daha qəribə bir şey deyəcəyəm, – deyə cavab verdi. – Bu a-lya franse “Şərq gecələri” elə bu a-lya türk Ərəb dərəsində yaranmışdır. Onu bəstələyən Hüseyn Kənan İzmirlidir. Lap burada, bu Bozyaxa bağlarında böyümüşdür. Şahzadə xanım kamanın çox gözəl çalındığını söyləməkdə səhv etmir. Çünki onu bəstəkarın öz ifasında dinləmişdir. Hüseyn Kənan iki gündür burada, dayısının bağında qonaqdır.

Ata ilə qız heyrət və həyəcanla bir-birlərinə baxırdılar. Münir bəy sözünə davam etdi:

– Hüseyn Kənan mənim bağ qonşum Saib paşanın bacısı oğludur. Onu lap kiçik yaşlarından tanıyıram… Utancaq, qorxaq və nazlı bır uşaq idi. Bəzi səbəblərə görə Saib paşa bacısını da, onun oğlunu da sevmirdi. Saib paşa tez-tez bələdiyyə rəisi təyin edilir; yaman şöhrət sevən adamdır. Əvvəllər nədənsə bacısı oğlunun adam olmayacağını düşünür, onu bir sənətə qoymaq istəyirdi. Kömək elədim, oğlan mühəndis məktəbinə girdi. Birtəhər oranı bitirdi. Bir müddət kiçik vəzifələrdə işlədiyini, sonra İstanbulda musiqi dərsi verərək, çox ağır güzəran keçirdiyini eşidirdim. Heç yadımdan çıxmaz, bir gün Saib paşaya rast gəldim. Bacısının və bacıoğlusunun əlindən zəncir çeynəyirdi. Sən demə, Kənan anasının Kəməraltında[3 - İzmirdə bir məhəllə adıdır. Eramızdan xeyli əvvəl tikilmiş və indi də əzəmətli sütunlar üzərində xarabaları qalan köhnə Kəmərin yanındadır.] olan kiçik dükanını satıb Avropaya səyahətə getmişmiş.

Üç-dörd il ondan xəbərim olmadı. Keçənlərdə Avropa jurnallarından birini vərəqləyirdim. Gözümə Kənana oxşayan bir şəkil sataşdı. Şəklin altındakı yazını oxudum: “Gənc və görkəmli türk virtuozu Hüseyn Kənan”. Jurnalda bir tənqidi məqalə də vardı. Burada onun verdiyi bir konsertdən bəhs edilirdi: Kənan böyük istedad nümayiş etdirmiş, konsertin onun öz əsərlərindən ibarət hissəsi də çox bəyənilmişdi.

İstanbul mətbuatının bu zaman yoxsul və dedi-qodusuz bir vaxtı idi. Qəzetlərdən biri Kənan haqqında yazılanların bir neçəsinin tərcüməsini çap etdi. Sonra o biri qəzetlər də, adətləri üzrə bunu görüb, sütun-sütun yazılar verdilər, – Avropa bir adamın bacarıq və hünərindən danışdımı, daha o adamın işi düzəldi. İllər boyu aramızda yoxsulluq içərisində yaşamış, heç kimin tanımadığı bu sənətkarı birdən-birə göylərə qaldırdılar, misilsiz bir dahi elədilər. Kənan kölgədə yaşayacaq bir şəxsiyyət deyildi. Lakın söylədikləri qədər bir dahi olduğuna da inanmırdım. “Şərq gecələri”nin qazandığı böyük rəğbət onun şöhrətini artırdı. Kənanın dilənçi kökündə yaşayacağını, həm də üç ilə mütləq belə olacağını söyləyən Saib paşanın indi onunla necə fəxr etdiyini təsəvvürünüzə gətirə bilməzsiniz. Bu yaxınlarda İzmirdəki ədəbi jurnallardan birində öz şəklini verdirmişdi. Onun altındakı “Şəhərimizin bələdiyyə rəisi və bəstəkar Hüseyn Kənan bəyin dayısı Saib paşa həzrətləri” sözlərini oxuyanda gülməkdən ölmüşəm.

İndi Kənan dayısının təkidi ilə iki-üç aylığa İzmirə gəlmişdir. Bu müddət ərzində yeni bir əsərini tamamlamaq istəyir. Dünən səhər yanıma gəlmişdi. Həmin əsəri haqqında soruşdum. Parisdə tanış olduğu suriyalı bir şairin opera librettosuna musiqi bəstələyir. Mövzusu Harun ər-Rəşid zamanına aid gözəl bir hekayədir. Kənan hadisəni yaxşı başa düşmüş və duymuşdur. Bu işi müvəffəqiyyətlə başa vura bilsə, zəmanəmizin ən məşhur sənətkarı olacaq.

Vəfiq paşa və Cavidan Münir bəyin söhbətinə dərin bir maraqla qulaq asırdılar. Vəfiq paşa tükləri sayıla biləcək qədər seyrək saqqalını didişdirərək:

– Əziz dostum, – dedi, – bizə etdiyin hörmətləri unuda bilməyəcəyik. Ancaq bizi daha çox məmnun etmək üçün bilirsənmi nə etməlisən? Bu gecə həmin diqqətəşayan gənci də gərək bura dəvət edəsən.

Cavidan hərarətlə atasının sözünə qüvvət verdi:

– Onu tanımağımız çox yaxşı olardı

Ev sahibi gülümsədi:

– Gözüm üstə. Bu çətin şey deyil. Sabah axşam onu da dəvət edərəm. Hətta istəsəniz, bu elə indi də mümkündür. Uzaqda olmur, Zeynalı göndərim, xahiş eləyim, gəlsin..

Bu gözəl fikirdi. Ata və qız razılıqla bir-birilərinə baxdılar.

Vəfiq paşa gözlərini süzdü, baş barmağını qaşları arasına qoydu (ağlına yaxşı fikir gələndə o, həmişə belə edərdi):

– Hamısından yaxşısı bilirsiniz nədir, gəlin özümüz onun yanına gedək. Gəlişimiz, heç bilirsən, Cavidan, o gənc sənətkara necə təsir edəcək!.

Başqasında görmək istədiyi bir həyəcan Vəfiq paşanın özünü titrətdi. O, türkcəni buraxıb sözlərinə fransızca davam etdi:

– Gecə vaxtı bu pəri aləmi içində tanımadığı iki şəxs zühur edir. Bunların biri şahzadə bəy, biri də şahzadə xanım. Bir çoxunun əsəblərini sarsıdacaq bir təsadüf. Bu həyəcanın bəlkə operasına belə təsiri oldu.

Keşikçi Zeynal əlində yekə bir dəyənək onların qabağına düşdü. Bağın içi ilə ağır-ağır irəliləməyə başladılar. Meynələr bir-birinin ardınca qaranlıq dalğaları tək ta uzaqlara qədər yayılıb dağılır, ay işığı çılpaq torpağın üstündə su gölməçələrinə bənzər parıltılarla yanıb-sönürdü.


* * *

Bağın axırındakı taxta qapıdan ensiz, tikanlı bir cığıra çıxdılar. Kərtənkələlər qurumuş tikanları xışıldadırdılar. Cırcıramalar səsləri ilə aləmi başlarına götürmüşdülər.

Bağların yorğun, bürkülü havası ağır bir bulud kimi nəfəslərini tıxayır, tünd şərab kimi beyinlərini dumanlandırırdı. Cığır aşağıdakı geniş araba yoluna çıxırdı, burada onlar ayaq saxladılar. Cavidan atasına yolun uzaq bir nöqtəsini göstərib:

– Ata, – dedi, – bir ora bax. O qaraltılar adam deyilmi?

Hamı qızın göstərdiyi səmtə baxdı. Yolun o başında bir dəstə irili-xırdalı qəribə qaraltı görünürdü, lap qabaqda bir eşşək də vardı. Münir bəy qonaqlarına izahat verdi:

– Bu vaxt, buralarda adətdir, gecələri bağdan-bağa belə dəstə-dəstə qonaq gedərlər. Ancaq görəsən, niyə belə səssiz-səmirsiz gedirlər? Onlar çox vaxt nəğmə oxuyar, səs-küy salarlar.

Dəstə bir az da irəlilədikdən sonra bir bağın kənarında, kiçik daş evin qabağında durdu. Birdən hay-küy, gurultu qopdu. Büllur kimi saf uşaq qəhqəhələri qarşıdakı təpələrə əks edir, qarma-qarışıq səslər, ağır-ağır çalınan bir kamanın müşayiəti ilə mahnı oxuyurdu.

Vəfiq paşa ilə Cavidan çaşıb qalmışdılar. Münir bəy gülə-gülə izahat verdi:

– Bu ev Şəmi dədə[4 - Türkiyədə “baba” deməkdir. Lakin bu, eyni zamanda məşhur təriqətçilərə ehtiram əlaməti olaraq verilən adlardandır.] adında qoca bir dərvişindir. Cəzbə getmiş, lakın çox şən, əhli-dil bir adamdır. Bozyaxada hamı onu tanıyır, sevir. İndiyə qədər tək yaşayırdı. İki ay bundan əvvəl gənc bir qadınla evlənmişdir. O vaxtdan hamı Şəmi dədəyə sataşır. Görünür, bu gecə Kənan çolma-çocuğu yığıb dədə ilə əylənməyə gəlib.

Getdikcə artan qəhqəhələr, uşaqların hay-küyü mahnının eşidilməsinə mane olurdu. Yaxındakı evlərin işıqları bir-bir yanır, köpəklər ulaşırdı.

Nəhayət, kiçik evin pəncərə qapaqlarından biri açıldı, oradan əlində şam, xəyala bənzər bır insan göründü. Şəmi dədənin əl-qolunu oynada-oynada bağırdığı hiss edilirdi. Ancaq səs-küydə nə dediyi eşidilmirdi.

Münir bəy qonaqları ilə bərabər cığırdan yola enəndə şənlik, səs-küy həddini aşmışdı. Əynində ağ uzun köynək, ayaqlarında təzə bəylərə məxsus mərcan tək qırmızı çust olan Şəmi dədəni eşşəyə mindirmişdilər. Dəstə yenidən yola düzəlmişdi. Təzə bəyi bağırda-bağırda, kim bilir, haralara aparacaq, nə qədər gəzdirəcəkdilər

Münir bəylə qonaqları yolda görünəndə qəhqəhələr yavaşıdı, mahnı səsləri kəsildi. Dəstə uzaqdan zənn edildiyi kimi, təkcə uşaqlardan ibarət deyildi, onların arasında cavan oğlanlar və qızlar da vardı. Münir bəy uzaqdan səsləndi:

– Dədə, bu nə işdir, başına gəlib?

Qoca dərviş cavab verdi:

– Daha nə olacaq, bəy! Qurd qocalanda köpəyə gülünc olar.

Dəstə durmuş, uşaqlarla böyüklər Münir bəylə qonaqları araya almışdılar. Kənanla qısa ağ paltar geymiş gözəl bir qız eşşəyin noxtasını tutmuşdular. Kənan pencəksiz və başı açıq idi. Ağ ipək köynəyinin yaxası açıq, qolları dirsəklərinə qədər çırmanmışdı.

Münir bəy onu qonaqlarına təqdim edəndə özünü itirən kimi oldu, yarıçılpaq vücudundan utanırmış kimi gülümsəyərək əllərini köksü üzərində qovuşdurdu. Qarayanız üzü qaranlıqda nəzərə çarpacaq qədər qızarmışdı.. Vəfiq paşa balaca, arıq vücuduna uyğun gəlməyən qalın, qırıq bir səslə:

– Sənətkarla bu cür səciyyəvi artistvari vəziyyətdə tanış olmağıma çox şadam, – dedi. Sonra üzünü ətrafına toplanmış gənclərə, uşaqlara, uzunsaqqallı, dazbaş Şəmi dədəyə, qəşəng qıza tutub qısa bir nitq irad etdi.

Kənan onun nitqinə yüngülcə gülümsünə-gülümsünə qulaq asırdı. Cavabı, çılpaq qılçalarını diz qapaqlarına qədər güclə örtən qısa ağ libasını Roma imperatoruna məxsus bir şəstlə geyinmiş Şəmi dədə verdi:

– Paşa həzrətləri, Kənan oğlumuz ilk ilhamını bu yerlərdən daha çox, fəqir və aciz Şəmi dədədən almışdır. Kənana ilk musiqi nəfəsini mən vermişəm.

Şəmi dədənin daz başı ay işığında parıl-parıl işıldayır, xırda mavi gözləri qalın qaşları ilə uzun saqqalı arasından köz kimi parıldayırdı. Yad adam yanında təkəbbürlü, sakit və ciddi davranan Cavidan özünü saxlaya bilmir, güldüyünü görməsinlər deyə, başını Münir bəyin arxasında gizlətməyə çalışırdı. Dədə sözünə davam etdi:

– “Bağa qınından çıxar, qınını bəyənməz”, – deyiblər, Kənan bəy oğlumuz da şöhrət qazanandan sonra dədəni yadından çıxardıb. “Dədəni yaddan çıxardıb” deməyimin mənası var, yəni türk musiqisini buraxıb, Avropa musiqisindən yapışıb. Qənaəti-fəqiranəmizə görə, toxum yetişdiyi torpaqdan ayrı yerdə əməlli-başlı nəşvü-nüma tapa bilməz. İndi deyəcəksiniz ki, Kənan sənin məsləkinə qulluq eləsəydi… sənin tək… üzdəniraq, lüt bir dərviş olub qalmışdı. Bu da başqa bir məsələdir…

Vəfiq paşa üzünü qızına tutdu:

– Görürsənmi, Cavidan, bu Şərqdə nə gözəl insanlar var.

Bu təsadüf sayəsində yaxasını uşaqların əlindən qurtarmış Şəmi dədə qonaqlara bilmirdi necə hörmət eləsin.

Bağçasının bir guşəsinə təzə həsirlər salınmışdı, ömründə ilk dəfə həsir üstündə oturan Cavidan atasının dizlərinə söykənib:

– Nə yaxşıdır, ata. Bu gecə tam bir Şərq həyatı yaşadıq, – dedi.

Şəmi dədənin üzümlərindən yeməyə kimsədə taqət yox idi. Ancaq içəridən onun neyini gətirdilər, ona bir neçə qədim hava çaldırdılar.


* * *

Kənan bir az sonra dəstədən ayrıldı, Münir bəyin qonaqlarına qoşuldu. O, öz bağlarına çatanda ay İlıca təpələrinin dalına çəkilirdi. Sübh, budaqlarını sallamış ağacların başında xəfif buxar kimi ağarır, quşlar yarpaqların və kolların arasında cəh-cəh vururdu.

Anası Mələk xanım hələ yatmamışdı. Oğlunun yubanmasından nigaran idi, arıq çiyinlərinə yun şal atıb, alt otağın açıq pəncərəsi qabağında onu gözləyirdi. Uzaqda bir köpək hürdü, bayır qapıya gedən dar yolda bir kölgə göründü. Mələk xanım yolu yaxşı görə bilmək üçün pəncərədən boylandı.

– Kənan… Kənan, sənsən? – deyə səsləndi.

Kənan cavab vermədi, addımlarını yavaşıtdı, öz mahnılarından birini fitlə çalmağa başladı.

Xeyli vaxtdan bəri Kənanın əsəbləri tarım kaman telləri kimi idi. Ən kiçik təsirə qarşı belə həssas, əsəbi bır halda daima bir ehtizaz içində yaşayırdı. Bu hal özünü sübh çağlarında daha çox göstərirdi. O, fit çala-çala çardağın altından keçib anasının durduğu pəncərənin qabağına gəldi.

– Niyə bu qədər yubandın, Kənan?

– Mən oradan çoxdan çıxmışam, ana. Gəzə-gəzə gəlirdim. Ta Qırxçamlara[5 - Şam (çam) ağacları bitən bir qoruğun adıdır.] qədər getmişəm.

– Qorxmursan, oralara tək gedirsən? Bir daha belə etmə, Kənan.

Kənan əllərini açıq pəncərəyə tərəf uzadaraq, anasının arıq biləklərindən tutdu. Mavi gözlərində süzgün bir heyrətlə gülümsədi:

– Mən nədən qorxacağam? Sənin oğluna kim toxuna bilər? Dövran mənimdir, ana. Mən artıq talesizliyin daşını atmışam.

Dərin bir yaşamaq zövqü ilə titrəyən Kənan çəlimsiz, zəif anasını qucağına alıb pəncərədən çölə çıxartdı. Uzun illər ayrılıqdan sonra onu ilk dəfə qucaqlayırmış kimi bərk-bərk bağrına basdı. Qadının gənclik təravətini hələ də saxlamış gözəl üzündən dönə-dönə öpdü.

Mələk xanıma elə gəlirdi ki, Kənanın yenə yeddi-səkkiz yaşı var. O vaxt da Kənan hərdənbir belə anlaşılmaz riqqətlə titrəyər, mavi gözləri elə bu cür yaşla dolar, sevmək, sevilmək arzusu ilə anasının boynuna sarılardı. Böyüyəndən sonra daha bu xasiyyətindən əl çəkmiş, sakit, utancaq və kədərli bir gənc olmuşdu. Mələk xanım oğlunun uzun saçlarını sığalladı:

– Yatmayacaqsanmı, Kənan? Yorulmamısan? Xəstələnəcəksən.

Kənan daş pilləkəndə əyləşib, anasını zorla dizləri üstünə oturtdu.

O, uşaq kimi gülürdü.

– Yatmaqmı? Yatmaq bədbəxtlərin, xəstələrin nəsibidir, ana. Bütün ruhu ilə yaşayan xoşbəxt insanlar neçin yatsın? Bilmirsənmi, bu saat dünyada hələ günəşləri batmamış, yaxud ay işığında qərq olmuş ölkələr var. Orada sənin Kənanının əsərlərini çalırlar, orada insanlar öz dərdlərini sənin oğlunun dili və qəlbi ilə söyləyir, ağlayırlar, gülürlər. Sabah mən daha böyük bir əsər yazacağam. Ondan sonra heç ölümü də vecimə almayacağam, ana. Kənan ölmüş, dodaqları əbədi olaraq susmuş olsa da, nə qəm? Kənanın susmuş dodaqlarını musiqisi əvəz edəcək, ölmüş Kənan sözə başlayanda dirilər, əksinə susacaq, saralacaq, ağlayacaqlar, özün görəcəksən, biz nə qədər xoşbəxt olacağıq. Mən talesizliyi məhz öz gücümün sayəsində məğlub etdim, ana. O qədər əziyyət çəkmişəm ki… Nəhayət, tale mənim də üzümə güldü. İndi sevincim yerə-göyə sığmır.




II


Mələk xanım qoca bir meyvə tacirinin sonbeşiyi idi. Ailənin yeganə qızı olduğu üçün atası onu uşaqlarının hamısından çox sevirdi. O vaxt atasının ticarət işləri yaxşı gedirdi. Bundan başqa, Mələk də həqiqətən mələk kimi gözəl bir qızdı. Hələ on dörd yaşı tamam olmamış ona çox yerdən elçi gəldi. Səlahəddin əfəndi hər adamı qızma layiq bilmirdi. Ancaq qız saf, təcrübəsiz qəlbini atasının katiblərindən birinə, Nail adlı İstanbullu bir gəncə vermişdi. Ümidləri yoxdu: Səlahəddin əfəndinin də, oğlanlarının da bu izdivaca razılıq verməyəcəklərini ikisi də yaxşı bilirdi. İki il sirlərini gizli saxlaya bildilər. Lakin bütün sevdalar kimi bu sevgi də, nəhayət, aşkara çıxdı, dedi-qodu bütün İzmirə yayıldı. Qoca əhvalatı eşidəndə yaman sarsıldı, az qaldı ki ölsün. O, köhnə fikirli adam idi. Mənsəb və var-dövləti hər şeydən üstün tuturdu. Üstəlik də bu katibindən zəhləsi gedirdi, ancaq yazığı gəldiyi üçün yanında saxlayırdı. Nailin keçmişi bir az ləkəli idi. Üç il bundan əvvəl Manisa şəhərində bir pul əhvalatı üstündə onu qulluqdan çıxartmışdılar. Lakin məhkəmədə onu cəzalandırmaq üçün kifayət qədər dəlil tapılmamış, Nail bəraət qazanmışdı. Buna baxmayaraq o, bu ləkədən tamamilə yaxa qurtara bilməmiş, başqa yerlərdə iş axtarmağa, çörək pulu qazanmağa məcbur olmuşdu. Səlahəddin əfəndinin fikrincə gənc katibin günahı təkcə bundan ibarət deyildi. Nail çalışqan, lakin laübalı bir gəncdi, əylənməyi çox sevirdi. Gözəl ud çalırdı, buna görə də hərdənbir onu ziyafətlərə, işrət məclislərinə dəvət edirdilər.

Səlahəddin əfəndi ilə oğlanları işin üstü açılan kimi Naili qulluqdan qovdular.

Mələyə də çox ağır tənbeh verdilər: onu altı aylığa Sökeyə[6 - Qərbi Anadoluda, Böyük Menderes çayı vadisində qəza mərkəzi olan bir şəhər.], bibisinin yanına göndərdilər. Onlar belə fikirləşirdilər ki, bu yolla gənc qıza ümidsiz sevdasını, İzmir əhalisinə isə bu xoşagəlməz əhvalatı unutduracaqlar. Lakin işlər onların düşündüklərinin əksinə oldu. Nail Dənizlidə[7 - Cənub-Qərbi Anadoluda vilayət mərkəzi.] özünə ayrı qulluq tapdı, sonra Sökedəki keçmiş məktəb yoldaşının arvadı vasitəsilə Mələyə məktublar göndərir, ondan da cavablar alırdı.

Qız Naili nəinki unutmamışdı, əksinə, onu gündən-günə daha artıq sevirdi. Məktublarında yazırdı kı, Naildən başqa heç kəsə ərə getməyəcək, onun yolunda hər şeyə hazırdır.

Qoca tacir qızını təzədən İzmirə gətirmək istəyirdi ki, Sökedən bir teleqram aldı: Mələk Nailə qoşulub qaçmışdı, hətta bir kənd mollasının evində kəbinləri də kəsilmişdi.

Səlahəddin əfəndinin böyük oğlu Saib Naili tutdurmağı, kiçik oğlu Hilmi isə bu namus ləkəsini qanla yumağı təklif edirdi. Lakin qoca ilə o biri oğulları bu fikirdə deyildilər. Mələk həm onları, həm də özünü ömürlük ləkələmişdi; onu ölmüş fərz edəcək, heç adını da çəkməyəcəkdilər.

Səlahəddin əfəndi sözünün üstündə möhkəm durmuş, iki il sonra öləndə də qızını görmək istəməmişdi. Sərvətini dörd oğlu arasında bölmüş, qızına isə Tülkülük məhəlləsindəki kiçik bir evlə Kəməraltındakı çəkməçi dükanından başqa bir şey verməmişdi.

Bütün səyinə, fədakarlığına baxmayaraq bu izdivac Mələk xanıma umduğu səadəti verə bilməmişdi. Mələk yaşına görə çox ağırbaşlı bir qadın olmuşdu. Dəbdəbədə, var-dövlətdə, bəzək-düzəkdə gözü yoxdu. Qoyub gəldiyi zəngin həyat, itirdiyi böyük ümidləri üçün peşman deyildi. Ərinin məhəbbəti ilə ovunub dururdu. Çit pərdəli, basıq qara tavanlı kənd evlərinin kasıblığına əhəmiyyət vermir, ən çətin günlərdə belə nəşə və cəsarətini itirmirdi.

Nail talesiz bir gəncdi. Lakin pis, qəlbsiz adam deyildi. Arvadını, aralarında yaşyarım fərq olan iki övladını yoxsulluq içində gördükcə əriyib gedirdi. İlk sevda həyəcanları keçirərkən bu günləri nəzərə almadığını fikirləşəndə, özünə lənətlər oxuyurdu. Yüngül xasiyyətlərindən, bütün pis əməllərindən əl çəkmişdi. Arvadını, uşaqlarını birtəhər xoşbəxt və rahat yaşatmaq üçün qabıqdan çıxırdı. Lakin talesizlik yaxasından heç cür əl çəkmir, bu kiçik ailənin güzəranı gündən-günə çətinləşirdi. Nail Aydın vilayətinin bütün qəsəbələrini birər-birər gəzdi, tez-tez qulluğunu, məskənini dəyişdi, ancaq heç yerdə qərar tuta bilmədi.

Bu səfalət içində Kənan yeddi, Əfifə beş yaşına çatdı. Artıq əli hər yerdən üzülmüş Nail bədbin, məğmun və qaraqabaq bir adam olmuşdu. Dərdini unutmaq üçün yenidən içkiyə qurşanmışdı, səhhəti kimi əxlaqı da gündən-günə pozulmağa başlamışdı.

Elə bu vaxtlar ailənin vəziyyəti birdən-birə düzəldi. Nail artıq çox pul qazanır, diri və əsəbi görünürdü. Ancaq bu firavan güzəran uzun sürmədi. Bir gecə jandarmlar gəlib, heç səbəbini də demədən Naili apardılar.

Mələk xanıma ertəsi gün ərinin yeni bir böhtana düşdüyünü xəbər verdilər. Lakin bu səfərki böhtan deyil, əməlli-başlı oğurluq idi.

Nail bunu açıqca etiraf etdi, çəkinmədən:

– Başqa cür yaşamaq mümkün deyildi, uşaqlarım acından ölürdü, – dedi.

Bu etirafa baxmayaraq mühakimə aylarla uzandı. Mələk xanım iki uşağı ilə sərgərdan qaldı, aylarla ağır yoxsulluq içində yaşadı. Nail həbsxanada dərd, ümidsizlik içində çırpınır, arvadı uşaqları ilə bərabər onun görüşünə gələndə uşaq kimi ağlamaqdan başqa əlindən bir iş gəlmirdi.

Mələk xanım Nailin təkidi ilə qardaşlarına məktub yazdı, yalvardı ki, ona da olmasa, uşaqlarına rəhm etsinlər.

İndi qardaşlarının da vəziyyəti əvvəlki kimi deyildi. Ortancıl qardaşları Nəciblə Məsud şərikli başladıqları bir ticarət işində sınıq çıxmışdılar. Kiçik qardaşları Hilmi olan-olmazını satıb İstanbula köçmüşdü.

Ailə belə dağıldığı bir vaxtda, yalnız Saib bəyin işi gətirir, çox böyük mal-dövlət sahibi olurdu. Saib bəy məktubun cavabını Mələk xanıma yox, birbaşa Nailin özünə yazmışdı: “Bu işdə müqəssir və günahkar sizsiniz. Bacımızı ata ocağına qəbul etməyə hazırıq. Ancaq bu şərtlə ki, o bizə sizinlə heç bir əlaqəsi olmaması haqda rəsmi və şəri bir boşanma kağızı təqdim etsin.”

Kənanın ən köhnə və acı xatirəsi atasından ayrıldığı günə aiddir. Tutqun və yağışlı bir payız günü idi. Mələk xanım son dəfə ərini görmək üçün uşaqları ilə bərabər həbsxanaya getmişdi. Kənan gözlərini yuman kimi, bu kiçik, daş divarlı otağı bütün təfərrüatı ilə görürdü. Bütün əşyası sarı adyal atılmış sınıq çarpayı, bir su qabı, tənəkə lampa, boş bir neft qabı, bir də uddan ibarətdi.

Mələk xanım çarpayının üstündə oturub, uşaqlarını yanına almışdı. Heç bir şey danışmırdılar. Üzü çoxdan qırxılmamış Nail neft qabının üstündə oturaraq, yanındakı udun tellərini dınqıldadırdı. Dəmir barmaqlıqlı kiçik pəncərədən düşən tutqun işıqda üzü daha solğun və zəif görünürdü. Bir ara o, udu bağrına basıb, son dərəcə yavaşdan, ağır-ağır həzin şeylər çaldı.

Kənan sonrakı illərdə ağır yatalaq xəstəliyinə tutulmuşdu. Bu xəstəlik zamanı bəzən huşunu itirən Kənanı həyatla yalnız bu səslər bağlayırdı, o, ruhunu saran qara boşluq içində yalnız atasının çaldığı udun səsini eşitmişdi.

İndi də ona elə gəlirdi ki, qocalıb öləndə axırıncı eşidəcəyi şey bu udun səsi olacaq; xatirində qalan o dərin, uzaq, məhzun səslər içində dünyadan köçəcək.

Pəncərədən düşən son ziyalar rütubətli qara divarlarda sönərkən qapı açılmış və əlində fənər olan zəhmli bir jandarm içəri girmişdi. Kənan artıq nə anasına, nə də onu bağrına basıb dönə-dönə yanaqlarından, gözlərindən öpən atasına baxmış, qaranlıqda yıxılmamaq üçün anasının ətəyindən tutaraq uzun, soyuq, daş döşəməli zindandan çıxmışdı.

İzmirə köçəndən sonra daha atası haqda bir söz danışılmamışdı. Yalnız bir o yadındaydı ki, bir ilə yaxın vaxt keçdikdən sonra bir jandarm onlara bir sandıq gətirmişdi. O gedəndən sonra anası Kənana qızıl qapaqlı kiçik bir saat, sədəf dəstəli bir cib bıçağı vermişdi. Kənan bunların kimdən gəldiyini, nə üçün ona verildiyini soruşmamışdı.

Ancaq o gecə səhərə qədər anlaşılmaz bir hisslə tez-tez yuxudan ayılmış, yanındakı yataqda qucaqlaşıb yatan anası ilə Əfifəni oyandırmamağa çalışaraq, yanaqlarından öpmüşdü.

Kənanın atasına aid xatirələri bundan ibarət idi.


* * *

Saib paşanın Karantin[8 - İzmirin ticarət mərkəzi olan, zəngin ailələr yaşayan məhəlləsi.] məhəlləsindəki təmtəraqlı evi, Bozyaxada xeyir işlər üçün istifadə olunan böyük mülkü nə Mələk xanımı, nə də Kənanla Əfifəni xoşbəxt edə bilmədi. Bu adamda intəhasız müvəffəqiyyət və mənsəb hərisliyi, sonsuz bir şöhrət düşkünlüyü vardı.

Paşalıq adı və üç-dörd nişan almaq üçün o vaxtın yüksək vəzifə sahiblərinə bir aləm pul yedirtmişdi. Son zamanlar isə bütün bacarıq və səyini İzmirdə bələdiyyə rəisi olmağa və bu mövqeyi necə olursa-olsun əlində saxlamağa sərf edirdi. Yay-qış Karantin və Bozyaxadakı evləri təkyə[9 - Dindar təriqətçilərin ibadət üçün toplaşdığı bina.] kimi, hacılarla, mollalarla, tüfeyli və havayı yeyənlərlə dolu olardı. Nüfuzundan istifadə edə biləcəyi şəxslərdən birini də özündən incitmir, hər məhsul yığımında İstanbuldakı hamilərinə səbət-səbət üzüm, əncir göndərir, şəhərə yeni vali gələndə qarşılama şənlikləri düzəldirdi.

Saib paşa bacısını evinə gətirmişdisə də, onun təqsirindən hələ keçməmişdi. Kənanı isə heç sevmirdi. Onun gözündə Kənan səfeh və səfil bir oğrunun övladı idi. Fikirləşirdi ki, tərbiyəsilə nə qədər məşğul olsalar da, fayda verməyəcək, mütləq atasının tayı olacaq, həyatını həbsxanada, hətta çox ehtimal ki, dar ağacında başa vuracaq. Zatən bu yaşda, bu boyda belə o, sərsəriyə oxşayırdı; ona görə bu məzlum, həlim, utancaq uşağa bel bağlamaq olmazdı. Elə atasının da görkəmi belə idi. Lakin fürsət tapanda hansı bəd əməldən çəkinmişdi?

Kənan böyük dayısının şiş qapaqlı, iri dəmbərə gözlərinə hər dəfə baxanda canına titrətmə düşürdü. Ədəbli, sakit, qorxaq bir uşaq idi. Çəlimsizliyi, solğun, zəif çöhrəsi onu, əslində olduğundan daha kiçik göstərirdi. Son dərəcə həssasdı. Ətrafında olub keçənləri başı daşdan-daşa dəymiş yaşlı adamlar kimi bütün incəliyi ilə başa düşür, lakin hisslərini büruzə verməkdən çəkinirdi. Anası belə onun uşaq qəlbindən nələr keçdiyini tamamilə anlaya bilmirdi.

Bəzən heç bir səbəb olmadan anasının boynuna sarılır, onun yanaqlarını, gözlərini, boynunu, əllərini dönə-dönə öpərdi. Mələk xanım bu dəqiqələrdə onun həyəcanlandığını, mavi gözlərinin yaşla dolduğunu görürdü. Səbəbini soruşanda isə Kənan heç bir söz deməzdi. Əslində, səbəbini özü də bilməzdi. Bu, yatmaq, su içmək kimi daxildən gələn qəribə bir ehtiyacdı.

Başqa uşaq olsaydı, bu evdəki vəziyyəti onu həqir bir hala salardı. Lakin o, həqarətə məruz qalmamaq üçün daima hamıdan uzaq olmağa çalışır, dəcəl dayıuşaqlarına qoşulmurdu. Uşaqlıq aləminin bütün sevinclərindən könüllü əl çəkmişdi, o heç kimə ağız açmaz, heç nədən şikayətlənməzdi. Bir haqsızlığa məruz qalanda gileylənməz, dinməzcə məzlum-məzlum başını aşağı salardı. Ancaq üzünə xoş baxanda, kiçik bir yaxınlıq görəndə bunu saf, səmimi bir minnətdarlıqla qarşılardı. Bu xasiyyəti ilə ətrafındakılarda mərhəmət qarışıq bir hörmət oyadır, başqalarının onu saymasına nail olurdu.

Uşaqlıq vaxtının acı xatirələrindən biri də anası və bacısı ilə dayısı evindən çıxıb getdikləri günə aid idi. O zaman Kənanın on bir yaşı vardı. Bir qış səhəri onu qolundan tutaraq silkələyib yatağından qaldırdılar, yuxulu-yuxulu dayısının otağına gətirdilər.

Saib paşanın qiymətli qızıl saatı cibindən yoxa çıxmışdı. Səhər tezdən dindirilən xidmətçilərdən biri demişdi ki, gecə Kənanı dayısının otağının qapısı ağzında görmüşdür. Təqsiri onun boynuna atmaq üçün elə bu kifayətdi. Həbsxana künclərində ölmüş bir oğrunun uşağı ola-ola, evdə başqalarından şübhələnmək günah deyildimi?

Gecə köynəyində Kənan daha zəif görünürdü. Hələ də yuxulu olan xumar, mavigözlü uşaq başını aşağı salıb, dayısının qarşısında titrəyirdi.

Qara paltar geymiş, sifətinə meyit rəngi çökmüş Mələk xanım qapının ağzında dayanmışdı, söhbətə qarışmırdı.

Saib paşa bu gün sərt və acıqlı deyildi. Lakin ağır, əzici bir etinasızlıqla deyirdi:

– Çox tez başlamısan, balaca… Görünür atanı mütləq rəhmətlə yad elətdirmək fikrindəsən… Heç olmasa üç-dörd il də gözləyəydin. Bəlkə qorxmusan ki, o vaxta qədər bizdə çırpışdırmağa bir şey qalmaz? Atandan sənə miras qalan qızıl qolbaq sağ olsun! Daha çırpışdırmağa başqa şey tapmadın, ay axmaq!..

Kənan nə dayısının zəhər kimi acı sözlərinə cavab verir, nə də onun üzünə baxa bilirdi. Yalnız saatı oğurlamadığını göstərmək istəyirmiş kimi hərdənbir balaca, titrək ovuclarını açırdı.

– Hələ bir bunun görkəminə baxın. Cinayətkarlar da məhkəmə qarşısında belə dayanırlar. Sən indi məndən qorxma, oğlum. Hər necə olsa, bədbəxtlikdən dayınam, dərdi-sərini mən çəkməliyəm. Səni asıb, kəsmərəm. Ancaq belə getsə, tezliklə dövlət məhkəmələrinin qabağında dayanacaqsan… Orada isə dəyənək var, həbs var, bir az da irəli getsən, dar ağacı var.. İndi iş bundadır ki, səninlə bərabər biz də rüsvay olacağıq… Yaxşı, uzatma, saatı haraya qoymusan gətir ver.

Kənan nə isə demək istədi. Ancaq çənəsi titrəyir, solğun dodaqlarından səs çıxmırdı. Yalnız gözlərini yumaraq “yaxşı” demək istəyirmiş kimi bir neçə kərə başını tərpətdi. Ayaqları bir-birinə dolaşa-dolaşa otaqdan çıxdı.

Mələk xanım durduğu yerdə nə qədər çalışdısa da iztirabını gizlədə bilmədi, gözləri yaşla doldu, əlləri ilə üzünü örtdü.

Saib paşa qaşlarını çatdı, bacısının üzünə baxmadan dedi:

– Qurdun balası qurd olar, bacım. Bu, təbiətin qanunudur… Nail ilə həyat qurmağına nahaq yerə etiraz etmirdik. Görürsənmi, bizə də, özünə də nə etdin?

Qapı yavaşca cırıldadı, Kənan əlində üzünə məxmər çəkilmiş köhnə, kiçik bir qutu içəri girdi. O, titrək barmaqları ilə qutunun qapağını açmaq istəyir, ancaq heç cür aça bilmirdi. Bir neçə dəfə qutunu əlindən yerə saldı.

Saib paşa onun üzünə baxmadan qutunu Kənanın əlindən aldı, açdı, içində başqa bir saat vardı; Kənana atasından yadigar qalmış o kiçik saat…

Saib paşa onu əlinə aldı və:

– Bu nədir? – deyə heyrətlə soruşdu.

Kənan bu dəfə ürəklənib başını qaldırdı. Göz yaşı onun uzun kirpiklərini islatmış, mavi gözlərinin qarşısına pərdə çəkmişdi. O, dayısının üzünə baxdı, hıçqırmamaq üçün var qüvvəsini toplayıb:

– Onun əvəzinə bunu götürün, – dedi, – paşa dayım! Mənə acığınız tutmasın, vallah sizin saatınız məndə deyil.

Bir neçə dəqiqə sonra Saib paşanın arvadı itən saatı gətirdi. Saat jiletin sökük cibindən astarın içinə düşmüşdü.

Mələk xanım ağlaya-ağlaya oğlunun əlindən tutdu.

– Sizi narahat edirik, qardaş… – dedi. – İcazə verin, balalarımı götürüb, Tülkülükdəki komaya köçüm.

Saib paşa onu bu fikirdən döndərmək üçün çox çalışdı. Sözünə baxmasa yenə peşman olacağını söylədi. Mələk xanımın başı daşdan-daşa dəymişdi. Dünyanın da işini bilmək olmaz. Kim deyə bilərdi ki, günün birində o yenə qardaşına möhtac olmayacaq.

Bununla belə Mələk xanım qərarından dönmədi. Əslində o elə buradan getmək barədə çoxdan fikirləşirdi. Qardaşının evində günü nə qədər xoş keçsə də, yenə özünü qonaq kimi hiss edir, heç cür ev xanımı, ailə başçısı ola bilmirdi. Xoşluqla ayrılmaq, qardaşını incitməmək üçün çox dil tökdü:

– Atamız sayılırsan, dara düşsək, əlbəttə, bizə yenə sən əl tutacaqsan, – deyə onu razı sala bildi.


* * *

Öz evlərində güzəranları yoxsul keçsə də, qulağı dinc və rahat yaşayırdılar. Bu üçotaqlı kiçik ev dar, gündüşməz bir küçənin qurtaracağında idi. Onlar evin qabağındakı kiçik bağçanı təmizləmiş, orada çoxlu çiçək əkmişdilər.

Kənan Bəylər küçəsindəki rüşdiyyəyə[10 - XIX əsrin ortalarında Türkiyədə yaradılmış ibtidai məktəb. O zamankı baş nazir, Türkiyədəki Tənzimat adlanan islahata başçılıq etmiş Rəşid paşanın şərəfinə, bu tipli məktəblərə rüşdiyyə adı verilmişdi.] gedirdi. Boyu yavaş-yavaş uzanmağa, sifəti qəşəngləşməyə başlamışdı. Qarayanız üzünün xoş rəngi, incə, zərif cizgiləri, bir qədər də əsəbi görünüşü ilə Kənan daha çox atasına, tünd-mavi gözləri, gözəl sədəf dişləri ilə isə anasına oxşayırdı.

Nə qədər ki, o, uşaqdı, bu bənzəyiş hətta təbiətin istehzası, zarafatı kimi görünürdü. Çünki zərif çöhrənin bu rəngi ilə, tünd-mavi gözlər, ağappaq dişlər heç cür bir-birinə yaraşmırdı. Qəşəng uşaq olsa da, ona diqqətlə fikir verənlər buna gülürdülər.

Lakin ilk gənclik təravəti ilə birlikdə, bu simada bəzi başqa gözəlliklər də doğmağa başlamışdı. Onun qarayanız üzünə xoş bir işıq qonur, gözləri, incə al dodaqları, sədəf tək parıldayan ağ dişləri onun üzünə qəribə bir cazibədarlıq verirdi.

Ancaq o, yenə də əvvəlki kimi çəkingən, süst və şaşqın təbiətli idi. Məktəbdə də dayısı evində olduğu kimi, uşaqlardan uzaq dolanır, yenə nəzakətli, utancaq, mehriban ciddiyyətini saxlayaraq dəcəl uşaqları həmişəki kimi özü ilə hesablaşmağa məcbur edirdi.

Küçə həyatını heç sevmirdi. Yalnız hava çox gözəl olanda, bəzən, axşamüstü anası ilə Top altına, yaxud Qədifə qalasına[11 - İzmir civarındakı tarixi-memarlıq abidələri.] baxmağa gedərdilər. Kənan çalışqan şagird deyildi. Dərslərinə o qədər də fikir verməzdi. Ancaq ev işlərində anasına əl tutar, hətta ona bir şey toxumaqda və tikməkdə də kömək edərdi. Qonşular dəcəl Əfifədən daha çox onu qıza bənzədərdilər. Uşaq vaxtlarında olduğu kimi, yenə də elə bir arzusu, istəyi yoxdu. Anası hələ də onun ürəklə bir şey istədiyini görməmişdi.

Dünyada yalnız bircə şey onun sakit qəlbini təlatümə gətirir, ruhunda həyəcana, həvəsə bənzər hisslər oyadırdı: o da musiqi idi.

Evlərinin yaxınlığında qədim bir təkyə vardı. Bazar ertəsi axşamlar orada dini ayindən sonra musiqi çalırdılar.

Kənan bu ayin axşamlarında bütün ruhu ilə yaşadığını duyur, həmin axşamları səbirsizliklə gözləyirdi. Uzaq bir məhəllədən buraya əlində fənər, əynində rəngi getmiş əba olan yaşlı bir minbaşı da gəlirdi. Camaat ona çox hörmət edirdi, gözəl bir udu olduğunu söyləyirdilər.

O çaldığı zaman, Kənan bir kənara çəkilib özünü unudur, nəzərlərini uzaqda görünən qəbiristana zilləyir, yaşadığı dünyadan ayrılıb ruhən başqa bir aləmə köçürdü.

Atasının sınıq, köhnə udu bir küncə atılıb qalmışdı. Bu təsirlər altında Kənan hərdənbir onu bağrına basır, bildiyi havaları çalmağa cəhd edirdi. Lakin qoca minbaşının əlində dərdli insanlar kimi sızıldayan ud, Kənanla heç bir şey danışmırdı. Odur ki, bu ilk təcrübədən çox məyus olmuş Kənan atasının qırıq udunu yenə bir tərəfə atmışdı.

Musiqi dərsi alması bir yana dursun, onun heç udunu köklətdirməyə də bir adamı yoxdu. Utancaq və məğrur olduğu üçün heç kimə, heç o qoca minbaşıya da ağız açmırdı. Düşünürdü ki, onun bu arzusundan xəbər tutsalar ona gülərlər, hələ bəlkə ona pis nəzərlə də baxarlar.


* * *

Mələk xanım hər il üzüm yetişən vaxtı Bozyaxaya gedir, Saib paşanın bağında bir-iki ay qonaq qalırdı. Bu qayda ilə o, həm qardaşının könlünü alır, həm də şəhərdə darıxmış uşaqlarını bir qədər əyləndirirdi.

Kənan bu iki payız ayını çox sevərdi. Küçədə oynamaqdan xoşlanmayan, saatlarla susub qalmaq üçün qaranlıq, tənha guşələr axtaran, süst, tənbəl Kənan burada tamamilə dəyişərdi. Solğun, qarayanız yanaqları allanar, kədərli ruhuna nəşə gələrdi; səhərin sərinliyində, aylı axşamlarda bağda gəzməkdən, qumun üstündə hərlənməkdən zövq alardı. Ancaq orada da yenə başqa uşaqlara yovuşmaz, tək gəzərdi.

Kənan həyatında ilk dəfə idi ki, özünə burada bir dost tapmışdı… Bu, özündən qırx yaş böyük olan Şəmi dədə idi. Şəmi dədə Rumeli[12 - Osmanlı imperiyasının Balkan yarımadasındakı əyalətləri (Bolqarıstan, Makedoniya və s.) belə adlanardı. İndi Ədirnə, Qırxlareli, Tekirdağ və İstanbul vilayətinin Avropa hissəsi də Rumeli adlanır.]mühacirlərindən idi. Otuz beş il bundan qabaq çiynində bir zənbil, qoltuğunda da bir ney torbası İzmirə gəlmiş, əlində olan az-maz pulu verib Bozyaxada bir bağ almışdı.

Bağın bir kənarında çox qoca və hündür bir sərv ağacı vardı. Dədə illərlə çalışmış-çapalamış, sərv ağacının yanında ikiotaqlı bir daş daxma tikdirmişdi. Yay-qış o, Bozyaxada yaşayırdı. Bir işlə məşğul olsun deyə o, üç-dörd keçi də saxlayırdı. Qoca bu keçiləri öz balaları kimi sevirdi

Bozyaxalılar danışırdılar ki, xeyli vaxt bundan əvvəl, çox soyuq keçən bir qış vaxtı Şəmi dədənin pulu qurtarır, hətta bir neçə gün ac da qalır. Vəziyyətini kimsəyə deməsə də, yaxındakı bağ gözətçiləri bunu hiss edir, Şəmi dədəyə çörək göndərirlər. Dədə isə keçilərinin daha ac olduğunu söyləyərək, çörəyi onlara yedirir. Bozyaxalılar bunu dədənin heyvanlara olan məhəbbətinə dəlil hesab edirlər. Ancaq onun özgə çörəyi yemək istəmədiyi üçün bu cür etdiyini söyləyənlər də vardı.

Şəmi dədə Kənanın ruhundakı ağır, məğmun ciddiyyətin səbəbini çox gözəl başa düşmüşdü, onu övlad kimi, hətta yaşlı-başlı bir yoldaş kimi sevmişdi. Bəzən isti günlərdə onlar bir səbətə pendir, çörək, üzüm qoyub, keçiləri də qabaqlarına qataraq Ərəb dərəsinə enərdilər.

Dədə bu dərin, gün düşməz dərəyə öz bağçası kimi bələddi. Orada ömründə günəş görməmiş guşələr tapmışdı.

Günortaçağı kölgəsiz bağlar yaman isti olur, qaya parçaları od tutub yanır kimi görünür, gölməçələrdən buğ qalxır. Belə vaxtlarda Şəmi dədə ilə Kənan sərin kölgəli cığırlarla dərəyə enər, sellərin açdığı xırda qobuların üstündən atılar, yosunlu daşlarından sular damcılayan qayaların altından keçib gedərdilər.

Onlar, çox vaxt gəlib “Zeybək bulağı” deyilən yerdə oturardılar. Açıq yaralara bənzəyən qırmızı yarğanlarla dolu bu yerdə əzəmətli bir qaya vardı. Aradan keçən illər və rütubət bu qayanın ətəklərini yavaş-yavaş “gəmirib didmiş”, altında sərin, kimsəsiz bir mağara əmələ gətirmişdi. Mağaranın görünməz, qaranlıq bir yerindən xoş bir su şırıltısı gəlirdi, yosunlu daşların və daima nəm qayalığın üstündə yabanı otlar, bənövşəyi çiçəkləri olan tikanlar bitirdi, kənarlarından sarmaşığa bənzəyən zərif budaqlarda qaya üzümlərinin açıq-çəhrayı rəngli çiçəkləri sallanırdı.

Kənan ruhunda başqa bir aləm olan, özü də bu aləmdə yaşayan, sevən sənətkarlardandı. Uzaqdan baxanlara mənasız, susmuş, cansız kimi görünən ilk gəncliyini Kənan bu ikinci aləmdə, sönməyən bir gizli həyəcan, yarımxəyali bir məstlik içində keçirmişdi. Kənan bu xəyali dünyanı ilk dəfə “Zeybək bulağı”nda, Şəmi dədənin neyini dinlərkən hiss etməyə başlamışdı. Onun bu qoca dostu da bir başqa cür xəyal dəlisi idi. Bir adəti vardı: bir şey çalmazdan qabaq Kənana əvvəlcə onun sözlərini oxuyar, mənasını anladardı:

– Bax, oğlum! Ay doğur. Aşiq ay işığında ayaqyalın, başıaçıq, sevgilisini görmək üçün yol üstə çıxır. Yar artıq yuxudan oyanmalıdır. Çünki röyasına girməyən sevgilisi, indi elə bil onun qoynuna girmişdir. Sən bunları hələ başa düşməzsən, Kənan. İnsan sevgilisini çox istəyəndə onun xəyalını da görməz olur. İndi bunları gözünün qabağına gətir, sonra qulaq as, yoxsa sənin keçilərimdən heç bir fərqin olmaz, çaldığımı başa düşməzsən.

Dədə sözsüz bir parça çalmaq, sadəcə bir hiss ifadə etmək istəyəndə də bu adətini yaddan çıxarmazdı.

– Bax, indi qoyunları çağıracağam. Yum gözlərini. Qarşıdakı dağlardan sürülər enəcək. Bulaqlar başında sevgililər mey içəcək. Aşiqlər məşuqələrinin sünbül saçlarını qoxulayacaq. Mən çalarkən sən bunları düşün, sünbülləri qoxula…

Payızda havalar bulanmağa başlayar, göy üzündə buludlar dolaşar, külək yarpaqları qabağına qatıb qovardı. Saralmış çardaqlardan, yarpaqları tökülməyə başlamış ağaclardan meyvələr, salxımlar sallanar, yerə sərilmiş həsirlərin üstündə qızılı üzümlər quruyar, yollardan ardı-arası kəsilməyən üzüm səbətləri yığılmış arabalar, yüklü at karvanları keçərdi. Bozyaxa, əslində bu günlərdə xeyli canlanar, musiqi, qəhqəhə və mahnı səsləri hər tərəfi bürüyərdi. Səhərə qədər bağlardan çalğı səsi kəsilməz, yollarda əllərində məşəllər yanan dəstələr gəzişərdi.

Yayda gizli qalmış bütün kiçik sevda sirləri bu zaman aşkara çıxırdı. Axşamüstü bağın kənarındakı yoldan keçən qonşu gənclərə gizlicə çiçək atan, bağları bir-birindən ayıran çəpərlərin arasından ay işığında min nazla barmaqlarının ucunu öpdürən gənc qızlara bu vaxt məyus bir cəsarət gələrdi. Çünki bir də görüşmək üçün səkkiz-doqquz ay gözləmək lazımdı. Daha naz vaxtı deyildi.

Tikanlı yollarda, gənc qızların qırmızı, ağ, mavi geyimlərini artıq gizlədə bilməyən ağaclıqlarda əhd-peyman bağlanar, ayrılıq busələri verilər, lent uclarına saçlardan bağlanmış tellər dəyiş-düyüş edilərdi.

Kənan belə günlərdə yaman kədərli, süst görünərdi. Payızda sönən, solan, xarab olan şeylərin getdikcə artan kədərini o, yaşına yaraşmayan bir həssaslıqla hiss edirdi.

Şəmi dədə Kənanı hər il bir qədər daha böyümüş, onun musiqiyə olan həvəsinin daha da artmış olduğunu görürdü.

Yaxşı bir fürsət düşmüşdü. Qonşu evlərdən birinə olduqca gözəl kaman çalan bir reji[13 - Türkiyənin milli gəlirinin mühüm bir qismini təşkil edən tütün inhisarına nəzarət edən idarə.] məmuru köçmüşdü. Məsud bəy adlanan bu adam Kənanın böyük bir zövq və istedad sahibi olduğunu hiss edib, həftədə bir neçə saat ona dərs verməyə başladı. Kənan bu sahədə böyük bir sürətlə inkişaf edirdi.

Saib paşa Kənanın kaman çalmasından xəbər tutanda cin atına minmiş, hakimanə bir tərzdə:

– Qurdun balası qurd olar, – demiş, dərdi yenə təzələnmişdi. – Deyəndə ki, bu uşaqdan adam olmaz, mənə inanmırsınız. Məktəbinin müəllimlərindən utanıram. Hər dəfə görəndə şikayət edirlər. Onu sinifdən sinfə çox çətinliklə keçirirlər. O da mənim xatirimə. Fikrini kaman çalmağa vermək əvəzinə dərslərinə versə, ne olar? Yox, gərək atasına oxşasın. Bəli, gözümüz aydın, bacıoğlumuz çalğıçı olacaq, toylarda qaraçılarla birlikdə diringi çalacaqdır.


* * *

Saib paşa bir gün bağ qonşusu Münir bəylə qəhvə içərkən:

– Xeyirxahlığınıza görə sizə çox böyük etimad və hörmətim olduğunu bilirsiniz, – dedi. – Mühüm bir məsələ barədə zati-alinizlə məsləhətləşmək istəyirəm. Bilirsiniz ki, mənim bir avara bacıoğlum var, tənbəlin, fərsizin biridir. Üstündə göz olmaq, söz başa salmaq mümkün deyil. Əminəm ki, ondan adam olmayacaq… Allah xatasını başımızdan uzaq eləsin. On yeddi yaşı var. Min əziyyətlə bu il edadini[14 - Sultan Türkiyəsində orta məktəb.] bitirdi. Elə düşünməyin ki, bildiyi bir şey var. Bizim Cəmillə Sədi onun yanında Əflatundurlar (Saib paşa oğlanlarından birini fransız, digərini isə ingilis məktəbinə qoymuşdu, öyrəndikləri “gəl, get, otur, dur” kəlmələri idi, amma ataları bunu eşidəndə onları mükəmməl təhsil almış adamlar hesab edirdi). Kənanı ali məktəblərin birinə göndərməyin mənası yoxdur. Deyirəm, Zeytun burnu[15 - İzmir civarında, hərbi zavodlar olan bir yer adı.] fabriki kimi bir hərbi sənət müəssisəsinə verək. Orada həm bir sənət öyrənər, həm də oralardakı möhkəm hərbi nizam-intizam onu düzəldər. Zati-alinizin İstanbulda tanışı çoxdur. Bəlkə birinə bu haqda bir neçə kəlmə yazasınız. Oğlanı da çağırım bir görün.

Münir bəy ipə-sapa yatmayan, kobud, qılıqsız bir küçə uşağı görəcəyini zənn edirdi. Amma gözəl boy-buxunu, incə, təndürüst görkəmi olan qəşəng qarayanız üzlü, gülümsər, mavigözlü zərif və həyalı bir gənc görəndə heyrət etdi.

Münir bəy az danışmasına, soruşulan şeylərə tək-tək sözlə cavab verməsinə baxmayaraq onun mülayim, həssas bir oğlan olduğunu başa düşdü, qonşusunun yanında böyük hörməti olmasından istifadə edərək, nəhayət, Kənanı İstanbula mühəndislik məktəbinə göndərməyə onu razı saldı.


* * *

Kənan İzmirdə anası, bacısı, Bozyaxa və Şəmi dədə ilə bərabər, bir də məsum, nakam ilk gənclik sevdasını qoyub gedirdi: Leyla!.. Leyla böyük vəzifəli bir mülkiyyə[16 - Sultanlıq dövründə Türkiyədə hərbi olmayan dövlət idarələri belə adlanırdı.] məmurunun qızı idi. Kənan Karantində, dayısıgilin evində olanda onu tez-tez görürdü. Bundan başqa, Leylagilin ailəsi də yay aylarında Bozyaxa bağlarına köçürdü. Lap kiçik vaxtı Leyla nadinc, şıltaq bir qız idi. Başqa uşaqlarla heç yola getməz, yalnız Kənanla yaxşı dolanardı. Aralarında ən çoxu iki yaş fərq vardı. Odur ki, Kənan ona böyük qayğı ilə yanaşar, bu balaca, dəcəl qızın hər əzabına dözər, bir sözünü iki eləməzdi.

Bu yay Bozyaxaya gələndə Kənan onun birdən-birə boy atdığının, gənc bir qız olmasının fərqinə vardı. Kənan artıq onunla danışmaq istəmir, bağarası yollarda rastına çıxanda dindirməmək üçün gözlərini yerə dikirdi. Leyla isə yenə əvvəlki kimi çox zarafatcıl, açıq-saçıq bir qızdı.

Bir gün yenə dar bağ yolunda rastlaşdılar, qız əlindəki çətirlə onun yolunu kəsdi.

– Keçə bilməyəcəksiniz, Kənan bəy. Məndən nə üçün incidiyinizi deməsəniz, sizə yol verməyəcəyəm.

Kənan gülümsəyərək dedi:

– Sizdən niyə inciyirəm ki?

Leyla çətirlə tikanların başını qıra-qıra dodaqlarını büzüb durmuşdu.

– Mənimlə çox soyuq davranırsınız. Məni daha heç sevmirsiniz.

Bu sözlər elə bil saf bir körpənin dodaqlarından tökülmüşdü.

Kənan başını aşağı saldı, yavaş, çox dərindən gələn bir səslə:

– Eləmi zənn edirsiniz, Leyla xanım? – deyə cavab verdi

Bu sözlər onun Leylaya olan çılğın məhəbbətinin ilk və son etirafı idi. Kənan bu balaca qızı çoxdan bəri idi ki, dəlicəsinə sevirdi. Bu məhəbbəti ona Leylanın iri, qara gözləri aşılamışdı. O, dünyada Leyladan başqa heç kəsi sevə bilməyəcəyini, ürəyində onun həsrəti, gözlərində onun xəyalı ilə öləcəyini düşünürdü. Bir uşaq kimi, ümidsizliyə qapıldığı halda, yaşlı bir adam kimi halını, vəziyyətini kimsəyə duydurmamağa çalışırdı. Uzun gecələri gözünü yummadan bu haqda çox düşünmüşdü. Heç bir çarə, heç bir ümid yeri yox idi. Bu gözəl kübar qızı sevmək Kənan üçün göydəki ulduzlardan birini ələ keçirmək kimi bir şey idi. Ürəyindən keçənləri bilsələr, kim bilir, ona nə qədər gülərdilər. Leylaya bu barədə bir şey sezdirmək ehtimalı onu ölümdən betər qorxudurdu. Kənan çox məğrurdu. O qədər sevdiyi Leylanın bu ümidsiz sevda ilə əylənməsi Kənan üçün dözülməz bir dərd olardı.

Bununla birlikdə, o, gənc qızın keçəcəyini təxmin etdiyi yollarda saatlarla dolaşırdı. Lakin onu görər-görməz ya yolunu dəyişir, ya da başını aşağı salıb yanından keçib-gedirdi.

Leyla onun bu sevgisini çoxdan hiss etmiş, ancaq… buna gülməmişdi. Əksinə, o da Kənanı bəyənir, zərif, qarayanız üzü, həyalı mavi gözləri olan bu oğlanı tanıdığı bütün gənclərdən üstün tuturdu.

Yol üstündəki həmin təsadüfdən sonra Leylanın, Kənanın onu sevdiyinə heç bir şübhəsi qalmadı. Başqa qonşu qızları kimi o da Kənanla sevişmək, aylı gecələrdə evdən qısa fasilələrlə qaçıb görüşə gəlmək, onunla qol-qola gəzmək istəyirdi. Lakin Kənan onun açıq-aşkar etdiyi təklifləri anlaşılmaz bir inadla rədd edir, “bu uşaqlıqdan əl çəkməsi” üçün qıza yalvararkən çox vaxt özü ağlayırdı.

Kənanın İstanbula getməsinə iki gün qalmış bağda son dəfə rastlaşdılar. Leyla özünü saxlaya bilmir, yaylığı ilə üzünü örtərək ağlayırdı.

– Mənə məktub yazacaqsanmı, Kənan?

– Xeyr… Mümkün deyil…

– Bir neçə il sonra sən mühəndis olanda biz evlənərik, elə deyilmi, Kənan?

– Nə üçün bunu söyləyirsən, Leyla xanım?

– Sən də məni… sevirsən, elə deyilmi, Kənan?

– …

– Niyə cavab vermirsən?

– Ağlamayın, Leyla xanım. Mən sizə layiqəmmi?

– Anan məni anamdan istəsin… Hələlik nişanlanarıq…

– Mənmi, Leyla xanım… Sizi mənim üçünmü istəsinlər?

İndi ağlamaq növbəsi ona gəlmişdi. Göz yaşlarını gizlətmək üçün üzünü yana çevirdi. Leyla od kimi yanan əlləri ilə onun biləklərini tutmuşdu. Qız özünü bir an onun ağuşuna atmaq istədi. Kənan isə ümidsiz sevdasının bütün çılğınlığına baxmayaraq, Leyladan uzaqlaşıb ağlaya-ağlaya oradan qaçdı. Bu cür izzəti-nəfs sahibi, yaşlı adam kimi belə fədakarlıq etdiyi vaxt onun vur-tut on yeddi yaşı vardı.

O biri il Kənan tətil vaxtı İzmirə gedəndə, Leylanın Saib paşanın böyük oğlu Cəmilə nişanlandığını öyrəndi. O qədər də məyus olmadı: əslində Kənan Leylaya olan məhəbbətini bir il əvvəl qəbirə gömmüş, Leylası üçün doyunca, ağlaya bildiyi qədər ağlamışdı.

O, yalnız bir şeyə peşman idi. “Madam ki, bundan sonra sevməyəcəyəm, niyə fürsət var ikən Leylamı bir kərə də olsun bağrıma basmadım” deyirdi.

Kənanın bu ilk məhəbbəti bir müddət sonra sönmüş, lakin onun izi, əsəri həzin və gizli bir həsrət kimi illər boyu qəlbindən silinməmişdi. İyirmi yaşına girəndə Kənan tamam süst, lal-dinməz bir gənc olmuşdu.

Məktəbdə Cavad adlı bir yoldaşı vardı. Xasiyyətləri, təbiətləri, hətta zövqləri arasında qətiyyən uyğunluq yox idi. Cavad şən, kələkbaz, zəkalı bir əsilzadə oğlu idi. Buna baxmayaraq bir-birilərini çox sevirdilər.

Cavad yoldaşını bir az şənləndirib əyləndirmək, bir az həyata bağlamaq istəyirdi. Lakin bütün səyi boşa çıxırdı. O, bəzən Kənana:





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/reshad-nuri-guntekin/dodaqdan-q-lb-68386489/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


İzmir yaxınlığında, eramızdan xeyli əvvələ məxsus antik abidələri olan yer.




2


Ərəb dərəsi, Bozyaxa İzmir civarında üzüm bağları olan mənzərəli yerdir.




3


İzmirdə bir məhəllə adıdır. Eramızdan xeyli əvvəl tikilmiş və indi də əzəmətli sütunlar üzərində xarabaları qalan köhnə Kəmərin yanındadır.




4


Türkiyədə “baba” deməkdir. Lakin bu, eyni zamanda məşhur təriqətçilərə ehtiram əlaməti olaraq verilən adlardandır.




5


Şam (çam) ağacları bitən bir qoruğun adıdır.




6


Qərbi Anadoluda, Böyük Menderes çayı vadisində qəza mərkəzi olan bir şəhər.




7


Cənub-Qərbi Anadoluda vilayət mərkəzi.




8


İzmirin ticarət mərkəzi olan, zəngin ailələr yaşayan məhəlləsi.




9


Dindar təriqətçilərin ibadət üçün toplaşdığı bina.




10


XIX əsrin ortalarında Türkiyədə yaradılmış ibtidai məktəb. O zamankı baş nazir, Türkiyədəki Tənzimat adlanan islahata başçılıq etmiş Rəşid paşanın şərəfinə, bu tipli məktəblərə rüşdiyyə adı verilmişdi.




11


İzmir civarındakı tarixi-memarlıq abidələri.




12


Osmanlı imperiyasının Balkan yarımadasındakı əyalətləri (Bolqarıstan, Makedoniya və s.) belə adlanardı. İndi Ədirnə, Qırxlareli, Tekirdağ və İstanbul vilayətinin Avropa hissəsi də Rumeli adlanır.




13


Türkiyənin milli gəlirinin mühüm bir qismini təşkil edən tütün inhisarına nəzarət edən idarə.




14


Sultan Türkiyəsində orta məktəb.




15


İzmir civarında, hərbi zavodlar olan bir yer adı.




16


Sultanlıq dövründə Türkiyədə hərbi olmayan dövlət idarələri belə adlanırdı.



Roman kiçik yaşlarında çoxlu əziyyət və məşəqqətlər yaşayan Hüseyn Kənanın həyatından bəhs edir. Uşaqlığı çətin keçən Kənan məşhur bəstəkar ikən san-şöhrət onun başını gicəlləndirir, keçmişdəki ağrılı-acılı illərinin intiqamını alırmış kimi əyləncəli, qayğısız bir həyat yaşamağa qərar verir. Bu yolda o hətta onun musiqisinə dəlicəsinə vurulan gənc, saf Lamiənin həyatını məhv etməkdən belə çəkinmir. Yetim, köməksiz qızı həyatın axarına buraxaraq gələcəyi üçün xeyirli olacağını düşündüyü Cavidanla ailə həyatı qurur. Lakin bu izdivac ona xoşbəxtlik gətirmir. Sonda yalançı şan-şöhrət, zəngin həyat tərzi onu bezdirir, əvvəlki həyatına qayıtmağı, hüzuru lamiyənin sevgisində tapmağı çox arzulayır. Bu istək onda xəstəlik halını alır. Lamiyəyə qovuşmaq istəsə də, buna nail ola bilmir və həyatına intiharla son qoyur.

Lamiə isə həyatın bütün zərbələrinə baxmayaraq qızı Məbrurə ilə birlikdə öz namusunu qoruyub yaşamağı bacarır və sonda həqiqi sevgisinə qovuşur.

""Dodaqdan qəlbə"" romanı lirik-realist üslubda yazılsa da, müəllif bu əsərdə dövrünün ictimai problemlərinə də biganə qalmamışdır. Əsərdə öz məhəbbəti naminə əzablara düçar olan Lamiənin məşəqqətli həyatı və məxsus olduğu cəmiyyətin ziddiyyətləri real bədii təsvirlərlə verilmişdir.

Как скачать книгу - "Dodaqdan qəlbə" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Dodaqdan qəlbə" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Dodaqdan qəlbə", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Dodaqdan qəlbə»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Dodaqdan qəlbə" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Видео по теме - Dudaktan Kalbe 1. Bölüm | FULL BÖLÜM | HÜSEYİN KENAN GELDİ!

Книги автора

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *