Книга - Seçilmiş əsərləri

a
A

Seçilmiş əsərləri
Çingiz Aytmatov


«Çingiz xanın ağ buludu» povesti Çingiz Aytmatovun dünyada әn çox oxunan, әdәbi ictimaiyyәt tәrәfindәn yüksәk qiymәt verilәn «Әsrdәn uzun gün» romanına әlavәdir.

Povestdә totalitar dövlәt marağı, һökmdar һökmü ilә әbәdi bәşәri dәyәrlәr – insan taleyi, adi adamların böyük sevgisi üz-üzә qoyulur. Bu qarşıdurmada sevmәyә vә öz sevgisinin cәzasını çәkmәyә mәһkum olunmuş insanlığın tarixi dәһşәtli bir faciә kimi qavranılır.





Çingiz Aytmatov

Seçilmiş əsərləri





GÜN VAR ƏSRƏ BƏRABƏR





I


Qupquru çökəklərdə, otu-ələfi quruyub dazı açılmış dikdirlərdə ov axtarmaq böyük səbir istəyirdi. Səhərdən axşamacan vurnuxan, yeraltı yuva sakinləri olan xırda heyvanların buraxdığı qarmaqarışıq izlərin kələfini açanacan baş hərlənirdi, gah gücü gəldikcə sünbülqıranın yuvasını eşələyir, gah da saatlarla gözləməli olurdu ki, yağışın yuyub oyduğu sivri daşın altında gizlənən balaca ərəbdovşanı oradan sıçrayıb çıxsın ki, bir anda onu qamarlasın; siçan ovuna çıxmış ac tülkü beləcə ov axtara-axtara uzaqdan yavaş-yavaş dəmir yoluna yaxınlaşırdı, çöl boyu uzanan köbərin üstündə paralel dəmir yolu qaralırdı, o, tülkünü həm cəlb edir, eyni zamanda da ürküdürdü, onun üstü ilə ətrafı lərzəyə gətirərək gah bu yana, gah o yana patıltı-gurultuyla qatarlar hərəkət edir, özündən sonra da küləyin sovurub yerə yaydığı tüstü, yanıq iyinə qarışmış başqa qıcıqlandırıcı qoxular qoyub gedirdi.

Axşamtərəfi tülkü teleqraf xətti yaxınlığındakı sıx, quru və hündür sirkan kolları bitmiş dayaz dərə kimi bir çökəkdə tünd-qırmızıya çalan bol toxum bağlamış kolların arasında boz-narıncı kündə kimi yumrulanıb uzandı, qulaqlarını narahatlıqla tərpədə-tərpədə aşağıdan əsən yelin susuzluqdan canı çıxmış quru otlardan çıxardığı zil sızıltısına qulaq verərək səbrini toplayıb gecənin düşməsini gözlədi. Teleqraf dirəkləri də üzüntülü bir səslə inləyirdi. Ancaq tülkü bu səslərdən qorxmurdu. Dirəklər həmişə eyni yerdə dururdu, onlar tülkünü təqib eləyə bilməzdi.

Vaxtaşırı gəlib keçən qatarların qulaqbatırıcı səsindən hər dəfə diksinir, nəfəsini qısıb büzüşürdü. Altındakı yerin uğultusundan qatarların dəhşətli hərəkət zəhminin yerbasan ağırlığını öz cılız bədəni, qabırğaları ilə hiss edirdi, buna baxmayaraq, yad qoxulara olan nifrət və qorxusunu boğub dərədən getmir, gecəni gözləyirdi, çünki bilirdi ki, dəmir yolu gecələr nisbətən sakit olur.

Tülkü buralara çox nadir hallarda, aclıqdan üzülüb əldən düşəndə gələrdi…

Qatarlar ara verəndə çöllüyə uçqundan sonra yaranan gözlənilməz bir sakitlik çökürdü, bu tam sakitlik içində alatoran çöllük üzərində güclə seçilən, heç kimə aid olmayan, qəlbindən gələn anlaşılmaz bir səs tülkünü şəkləndirirdi. Bu, hava axınlarının tezliklə havanın dəyişəcəyini bildirən əlaməti idi. Heyvancığaz bunu sövq-təbii ilə hiss edir, naçar halda yerindəcə donub durur, yaxınlaşmaqda olan ümumi bir bəlanın doğurduğu nə isə qeyri-müəyyən bir hissdən səs çıxarıb ulamaq, vaqqıldamaq istəyirdi. Ancaq aclıq hissi elə güclü idi ki, təbiətin bu xəbərdarlıq siqnallarını da boğurdu.

Tülkü yüyürməkdən yorulub göynəyən pəncələrini yalaya-yalaya ancaq yavaşdan zingildəyirdi.

O günlər axşama tərəf hava soyuyurdu, mövsümün üzü payıza idi. Gecələr torpaq tez soyuyur, şoran yerlər kimi, ağappaq qırovla örtülür, səhər əriyib açılırdı. Çöl heyvanları üçün qıtlıq, qayğı dolu günlər gəlirdi. Yayın özündə də təkəm-seyrək görünən ov indi tamam yoxa çıxmışdı. Bəziləri isti ölkələrə köçmüş, bəziləri yer altındakı yuvalarına girmiş, bir parçası da qışlamaq üçün qumsallıqlara çəkilmişdi. İndi hər tülkü bu kimsəsiz çöllərdə tək-tənha səfillənərək yem axtarırdı.

Builki bala tülkülər artıq böyüyüb hərəsi bir səmtə dağılmışdı. Döl, cütləşmə vaxtı isə hələ qabaqda idi. Qışda, o dövr gəlib çatanda tülkülər görüşmək üçün bir yerə toplaşır, erkəklər isə onlara verilmiş əzəli qüvvə ilə süpürləşib vuruşurdular.

Gecə düşəndən sonra tülkü dərədən çıxdı, dayanıb qulaq asdı, dəmir yolunun köbərinə tərəf yortdu. O, sakitcə gah yolun sağı ilə gedir, gah da soluna keçirdi. O, buralarda sərnişinlərin vaqonların pəncərələrindən tulladıqları artıq-urtuq axtarırdı. Tülkü köbərin böyrü ilə çox yüyürməli oldu, qabağına nə çıxdısa iylədi, bir tikə yeməli şeyə rast gələnəcən əldən-ayaqdan düşdü. İyrənc tünd iy verən şeyləri iyləmədi. Qatarların işlədiyi yol qəzet qırıntıları, kağız parçaları, sınmış butulkalar, əzilmiş boş konserv qutuları, siqaret kötükləri və lazımsız zir-zibillə dolu idi. Bir dəfə salamat qalmış ağzıaçıq butulkadan gələn kəskin iy onun beynini dumanlandırmışdı. Bir-iki dəfə başının gicəlləndiyini duyub tülkü daha spirtli şüşələrdən kənar gəzirdi. Fınxırıb kənara sıçrayırdı.

Tülkünü bu yola çıxmağa aclıq vadar eləmişdi, tərs kimi də dişə dəyən bir şey tapa bilmirdi. Amma ümidini itirmirdi, yeməli bir şey tapmaq məqsədilə yolun gah sağına, gah da soluna keçir, yüyürür, hey yüyürürdü…

Tülkü birdən yolun tən ortasında həsləyib dayandı, qəfil iş üstdə tutulan adamlar kimi bir pəncəsi havadan asılı qaldı. Qəlbidə, buludlar arasındakı Ayın bozumtul ziyası altında o, iki relsin arasında döyükmüş kölgə kimi görünürdü. Onu şəkləndirən uzaq uğultu hələ çəkilməmişdi, səs hələlik uzaqdan gəlirdi. Tülkü quyruğunu əvvəlki kimi düz tutaraq yoldan çıxmaq istəyir, tərəddüdlə ayağının birini götürüb, o birini qoyurdu. Yoldan çıxmaq əvəzinə, tülkü dişinə dəyən bir şey tapmaq ümidi ilə yenə də köbərin döşü ilə o yan-bu yana vurnuxmağa başladı. Yüzlərlə təkər və dəmir sürtülməsindən qopan səsin qarşısıalınmaz bir zəhmlə yaxınlaşdığını eşitsə də, hiss eləyirdi ki, elə bu dəqiqə istədiyini tapacaq. Amma elə bu dəqiqədə döngədən çıxan dalbadal qoşulmuş lokomotivlərin yaxın və uzaqvuran işıqları, güclü projektorları gözqamaşdırıcı işıqla otu-ələfi qurumuş çölü bircə anda ağappaq ağartdı və tülkü od görmüş pərvanə kimi özünü ora-bura çırpmağa, yerində mayallaq vurmağa başladı. Qatar isə amansızcasına yaxınlaşırdı. Havanı boğucu yanıq iyi, toz basdı, şiddətli yel qopdu.

Tülkü özünü kənara atıb tez-tez geriyə baxa-baxa, hərdən də qorxudan yerə sinərək götürülüb qaçdı. İşıqları şütüyən bu əcaib nəhəng hələ xeyli guruldadı, xeyli vaxt çarxların səsi kəsilmədi. Tülkü yerində sıçrayır, yenə də var gücü ilə qaçıb buralardan uzaqlaşmağa çalışırdı.

Dayanıb nəfəsini dərdi, dəmir yolu onu yenə də özünə cəzb eləməyə başladı. Çünki bura dişinin altına qoymağa bir şey tapacağına ümid elədiyi yeganə yer idi. Amma qarşıdan yenə də işıq düşdü, yenə də qoşa lokomotiv uzun və yüklü bir qatarı çəkib aparırdı.

Tülkü işi belə görəndə xeyli çölləmə getdi ki, elə bir yerdə dəmir yoluna yan alsın ki, o yerdə qatar olmasın…

Bu yerlərdə qatarlar şərqdən qərbə, qərbdən də şərqə gedir…

Dəmir yolunun hər iki tərəfi ilə göz işlədikcə çöllüklər uzanıb gedirdi, Sarı-Özək Sarı-Torpağın özəyi ortası idi.

Coğrafiyada hər şey Qrinviç meridianından ölçüldüyü kimi, bu yerlərin də bütün məsafələri dəmir yolu ilə müəyyən edilirdi.

Qatarlar isə şərqdən qərbə, qərbdən də şərqə gedirdi…

Gecəyarı kim isə uzun yolu inadla, basa-basa yol çevirən növbətçinin köşkünə tərəf tələsirdi. O, əvvəlcə şpalların üstü ilə yeriyirdi, ancaq qarşıdan gələn yük qatarı onu köbərdən enməyə məcbur etdi. Əllərini üzünə tutub tufandan, çovğundan qorunurmuş kimi, sürətlə gedən yük qatarının qopardığı toz-torpaqdan qorunurdu (bu, xüsusi əhəmiyyətli qatar idi. Belə qatarlar birbaşa qapalı zonaya, xüsusi yol xidmətçiləri olan 1 nömrəli Sarı-Özəyə, kosmodroma gedir. Sözün qısası, belə qatarlar həmişə çadırla örtülmüş olur, onu platformalarda dayanmış hərbi gözətçilər müşayiət edir).

Yedigey o saat hiss elədi ki, gələn arvadıdır və bu gəliş elə-belə gəliş deyil, onun bu gəlməyinə nəsə çox vacib bir səbəb var. Doğrudan da, məlum oldu ki, gümanı düz imiş.

Lakin iş üstə olduğuna görə yerindən tərpənə bilməzdi. Sonuncu vaqon da gəlib keçəndən, yolda hər şeyin qaydasında olduğunu bələdçiyə işarə verəndən sonra tələsik arvadına tərəf döndü:

– Xeyir ola?

Qadın həyəcanla ona baxıb dodaqlarını tərpətdi, nəsə pıçıldadı. Yedigey onu eşitməsə də, onun nə demək istədiyini başa düşdü, əvvəldən ürəyinə dammışdı.

– Küləyin qabağında durma.

Onu köşkə apardı.

Arvadının dilindən eşidəcəyi sözü əvvəlcədən hiss eləsə də, Yedigeyi sarsıdan başqa şey oldu. Əlbəttə, bunu o, əvvəllər də görmüşdü ki, qocalıq artıq onları haqlayıb, amma bu dəfə arvadının bu uzun yolu tələsik gəldiyindən nəfəsinin daralması, tövşüməsi, sinəsindən qopan xırıltı, arıq çiyinlərinin qeyri-iradi olaraq qalxıb-enməsi Yedigeyi bərk sarsıtdı. Ukubalanın göyərmiş üzündəki silinməz qırışlar, əhənglə tərtəmiz ağardılmış, güclü elektrik lampasının işıqlandırdığı bu kiçik yol köşkünün divarları fonunda daha aydın göründü (axı onun hamar qarabuğdayı üzü qırış tanımazdı, parlaq qara gözləri həmişə od saçardı). Ağzındakı mırıq dişləri bir daha sübut edirdi ki, hətta uzun ömür-gün sürmüş qoca qadına belə dişsiz olmaq yaraşan iş deyil (onu çoxdan stansiyaya aparıb, orada o metal deyilən dişlərdən düzəltdirməli idi. Axı indi qoca da, cavan da özlərinə bu dişlərdən düzəltdirirlər). Onun başından sürüşmüş yaylığının altından üzünə yayılan ağappaq saçları da ürəyini neştərlədi. Arvadının belə qocalmasında günahkarmış kimi ürəyində özünü danladı: “Gör necə də qocaltdım səni!” Yedigey ürəyində arvadına böyük minnətdarlıq hissilə susurdu, bu minnətdarlıq hər şeyi əhatə edirdi, birgə keçirtdikləri ömür-günə görə, həm də ərinə sədaqət və hörmət əlaməti olaraq bu gecəyarısı belə uzun yol qət edib razyezdin ən uzaq nöqtəsi olan bu yerə gəlib Qazanqapın ölüm xəbərini ona, Yedigeyə çatdırdığına görə idi. Çünki Ukubala bilirdi ki, qohumu-zadı olmasa da, hamı tərəfindən tərk edilib kimsəsiz qalmış bu bədbəxt qocanın ölüm xəbəri bircə Yedigeyə təsir edəcək.

– Otur, bir nəfəsini dər, – içəri girən kimi Yedigey arvadına dedi.

– Sən də əyləş.

Oturdular.

– Nə olub?

– Qazanqap ölüb.

– Nə vaxt?

– Elə indi baş çəkməyə getmişdim, dedim görüm necədir, bəlkə, bir şey-zad lazımdır. İçəri girdim, gördüm, işığı yanır, uzanıb yerində, amma saqqalı belə birtəhər dik durub… Yaxınlaşıb soruşdum ki, Qazı əkə, bəlkə, sizə isti çay gətirim? Gördüm ki… – səsi tutuldu, qəhər onu boğdu, qapaqları nazilib qızarmış gözləri doldu, içini çəkib yavaşdan ağlamağa başladı. – Sən bir adamın axırına bax?! Necə insan idi! Ölüb getdi. Yanında gözünü qapamağa bir adam da olmadı, – hönkürdü, ağladı, – axı kimin ağlına gələ bilərdi! Elə beləcə də kimsəsiz-kimsənəsiz öldü… – Ukubala demək istədi ki, səmə it kimi kimsəsiz öldü, amma demədi, sözünü uddu, sözsüz-sovsuz da hər şey aydın idi.

Cəbhədən qayıdandan bəri Yedigey, Boranlı razyezdində xidmət edirdi, hamı onu Boranlı Yedigey kimi tanıyırdı. İndi o, divarın dibinə qoyulmuş, stulu əvəz edən taxtanın üstündə oturub arvadına qulaq asa-asa bulud kimi tutqun halda, düyünlü ağır əllərini dizinə dirəmişdi. Yağlanıb çirklənmiş dəmiryolçu şapkasının günlüyü gözlərini kölgələmişdi.

– İndi nə eləyək? – deyə arvadı sükutu pozdu.

Yedigey başını qaldırıb arvadına baxdı və acı-acı qımışdı:

– Nə eləyəcəyik? Ölü düşəndə nə eləyərlər? Dəfn eləyəcəyik.

O, qəti qərara gəlmiş adam kimi ayağa durdu.

– Arvad, sən qayıt geri, amma indi mənə qulaq as…

– Qulağım səndədi…

– Osmanı oyat. Baxma ki, razyezdin rəisidir, dəxli yoxdur, ölüm qabağında hamı bərabərdir. Ona de ki, Qazanqap ölüb. Kişi qırx dörd il burada can çürüdüb. Qazanqap burada işləyəndə, bəlkə, Osman heç anadan olmayıbmış.

O vaxt heç it itliyinən burada, Sarı-Özək çöllərində işləməzdi… Amma Qazanqap buradan başının tükü sanı, bəlkə, lap ondan da çox qatar yola salıb. Qoy bir fikirləşsin. Elə belə də deyərsən. Mənə bax, qulaq as… Hamını bircə-bircə oyat, pəncərələrini döy. Bir ovuc adamıq, barmaqla saymaq olar, cəmi səkkiz ev deyilik? Hamını ayağa qaldır. Belə adam ölən günü hamı, gərək, ayaq üstə ola.

– Birdən narazılıq eləsələr, acıqlansalar, necə?

– Bizim işimiz onlara xəbər verməkdir. Qalanını özləri bilsinlər. Denən ki, mən göndərmişəm. Gərəkməz ki, adamın vicdanı da ola. Dayan!

– Dayanmışam, de.

– Əvvəlcə növbətçinin yanına qaçarsan, bu gün növbətçi dispetçer Şahmərdandır. Ona de ki, bəs belə-belə, gör neyləyə bilir, bəlkə, mənə bu günlük əvəz tapa bildi. Əgər mümkün olsa, tez xəbər versin, başa düşdün? Necə deyirəm, elə də de!

– Deyərəm, deyərəm! – Ukubala getmək istəyərkən, birdən bağışlanması mümkün olmayan, əsas bir şeyi unudubmuş kimi ayaq saxladı. – Bəs, uşaqları?! Əcəb! Axı əvvəlcə uşaqlara xəbər vermək lazımdır! Ataları ölüb…

Yedigey tutuldu, sonra qaşları çatıldı, sifəti sərtləşdi… Cavab vermədi Ukubala bu söhbətin ərini açmadığını bilirdi, buna görə də özünə haqq qazandırırmış kimi mülayim bir səslə:

– Yaxşı, ya pis uşaq uşaqdır, – dedi.

Yedigey əlini yellədi:

– Bilirəm, başım xarab olmayıb ki! Mən də bilirəm ki, uşaqlarsız olmaz… Amma ixtiyar məndə olsaydı, heç yaxına da buraxmazdım!

– Yedigey, bizim nə işimizə, qoy gəlib özləri basdırsınlar, sonra söz-söhbətdən yaxa qurtara bilmərik.

– Gəlsinlər də! Mən bəyəm deyirəm gəlməsinlər?

– Oğlu, görəsən, şəhərdən özünü çatdıra bilər?

– İstəsə, çatdırar. Srağagün stansiyada olanda özüm teleqram vurmuşam. Yazmışam ki, atan ölüm ayağındadır, daha bundan artıq nə yazmalı idim ona. Özünü çox ağıllı sayır, başa düşməlidir ki, iş nə yerdədir…

– Hə, onda sözüm yoxdur, – deyə Ukubala ərinin cavabı ilə razılaşsa da, onu narahat edən məsələni də unuda bilmədi. – Yaxşı olardı ki, gəlinlə birgə gələydi. Qayınata gəlin üçün yad adam deyil ki…

– Daha bu, öz işləridir. uşaq-zad deyillər ki…

– Hə, elə olmağına elədir, – Ukubala tərəddüd etsə də, razılaşdı.

Onlar susdular.

– Yaxşı, di yeri, ləngimə, – deyə Yedigey arvadını tələsdirdi.

Ukubalanın isə, deyəsən, ürəyində yenə sözü vardı:

– Bəs qızı necə olsun? Ayzadə bəxtiqara, qalıb əyyaş əlində uşaqlarıyla, görəsən, stansiyadan özlərini yetirə bilərlərmi?

Yedigey acı-acı gülümsündü:

– Hə, indi hamının dərdini sən çəkəcəksən… Ayzadəyə əl uzatsan, çatar. Səhər bir adam stansiyaya gedib xəbər eləyər. Gələr, lap yəqin gələr. Amma bir şeyi bil ki, arvad, nə Ayzadədən, nə də Sabitcandan bizə kömək eləyib, əl tutan olmayacaq. Gəlməyinə gələcək, amma adını kişi qoysa da, qonaq kimi dayanıb baxacaq. Sən ləngimə, get necə demişəm, elə də elə.

Ukubala yol alıb getdi, sonra tərəddüdlə ayaq saxladı, təzədən yola düzələndə Yedigey özü onu səslədi:

– Əvvəlcə növbətçi Şahmərdanın yanına get a!.. Qoy mənim yerimə adam göndərsin, sonra əvəzini artıqlaması ilə işlərəm. Kişinin cənazəsi bomboş evdə qalıb, yanında da bir Allah bəndəsi yox. Belə şey olmaz! Elə belə də deyərsən ona!

Arvadı razılaşıb yola düzəldi. Elə bu vaxt yolun hərəkət göstəricisində qırmızı işıq göz vurub səs salmağa başladı.

Boranlı razyezdinə yeni qatar gəlirdi. Növbətçinin göstərişinə görə, onu ehtiyat yola qəbul etmək lazım idi ki, razyezdin o biri başından qarşıdan gələn qatarın hərəkətinə mane olmasın. Bu, gündəlik adi tədbir idi, qatarlar hərəsi öz yolu ilə hərəkət edərkən Yedigey köbərin böyrüylə yeriyən Ukubalanın dalınca baxdı, sanki, yenə nəyisə demək istəyirdi.

Əlbəttə, dəfn mərasimi ərəfəsində görülməli o qədər iş, deyilməli o qədər söz vardı ki, hamısı birdən-birə yada düşmürdü. Amma Yedigey indi Ukubalanın qarasınca buna görə baxmırdı. Arvadının son zamanlar necə qocalıb əyildiyinə indi diqqət verib ürəkağrısı ilə onu yola salırdı. Ukubalanın bu vəziyyəti tutqun, sarı işıq zolağında daha aydın nəzərə çarpırdı…

“Deməli, qocalıq haqladı bizi, – deyə fikirləşdi. Hə, biz də daha mənzilbaşına çathaçatdayıq. Bir qarı, bir qoca!” Qocalıqdan gileylənsə də, təbiət Yedigeyi sağlamlıq barədə məyus eləməmişdi. Çox cavanlar ona baxıb gözünə su verə bilərdi. Amma, hər halda, ömürdən-gündən keçən günlər də az deyildi. Bir il də əlavə quyruğuynan düz altmış il.

Deməli, altmış bir! “Sən bir işə bax, iki-üç ildən sonra mənə pensiyaya çıxmaq təklif eləyə bilərlər”, – deyə narazı halda öz-özünə deyinsə də, dəqiq bilirdi ki, pensiyaya belə tezliklə çıxmayacaq. Çünki burada onun yerinə adam tapmaq o qədər də asan məsələ deyildi. Yol nəzarətçisi, üstəlik də, yol təmiri fəhləsi, təsadüfdən-təsadüfə kimsə xəstələnəndə və ya məzuniyyətə çıxanda yolayıran vəzifəsini də görürdü.

Bəlkə, əlavə məvacibə aldanıb, susuzluğa-zada baxmayıb razı olan tapıldı… Çətin! Get indi cavanların arasında beləsini tap görüm, necə tapırsan.

Yox, Boranlı razyezdində yaşamaq üçün adamda gərək hünər olsun. Ayrı cür mümkün deyil, yoxsa məhv olub gedərsən! Çöl ucsuz-bucaqsız, adam balaca. Çölə heç bir şeyin dəxli yoxdur. Yaxşısan-yamansan ona nə dəxli var. Onu necə var, gərək, elə də qəbul eləyəsən. Amma adam hər şeyə belə laqeyd baxa bilmir, əzab çəkir, darıxır, ona elə gəlir ki, adamlar arasında olsaydı, daha yaxşı dolana bilərdi, bəxtinin ucbatından bu yerlərə düşüb… Guya, bu səbəbdən ömrünü bu çöllərdə xərcləyir. Şahmərdanın üçtəkərli motosikletinin akkumulyatoru boşalıb gücdən düşən kimi, o da yavaş-yavaş ruhdan düşür. Şahmərdan motosikletini qoruyur, nə özü minir, nə də özgəyə verir. Gərək olanda da işə salmaq olmur, çünki işsiz qalıb, gücdən düşür. Sarı-Özək çölünün bu razyezdində yaşayan adam da eynilə onun kimidir, bir işin qulpundan yapışmadımı, şəraitə uyğunlaşmadımı, burada kök ata bilmədimi, çətin ki, tablaşa bilsin. Ötən vaqonlardan baxan bəzi adamlar heyrət eləyirlər ki, ilahi, insan da bu yerlərdə yaşaya bilər! Hara baxırsan, çöldən, dəvədən başqa heç nə görmürsən! Amma yaşayanlar yaşayır, kimin səbri nə qədər çatır, o qədər də yaşayır. Üç il, ölüm-zülüm, dörd il dözənlər də olur. Bununla da hər şey tamama yetir. Alacağını alıb, halallaşıb, baş götürüb əkilir. Təki bu yerlərdən uzaq olsun…

Boranlıda ancaq iki nəfər Qazanqap, bir də özü – Boranlı Yedigey ömürlük kök salıb yaşaya biliblər. Eh, onların ikisindən savayı, buraya nə qədər gəlib-gedən olmuşdu! Adamın özü barədə söz deməsi çətindir, hər halda, yaşayıb, təslim olmayıb! Qazanqap burada ona görə qırx il can qoymayıb ki, axmaq adam olub. Yox, Yedigey onu heç on adama da dəyişməzdi. Neyləsin, yoxdur, daha getdi Qazanqap…

Qatarlar gəlib keçdilər, biri şərqə, o biri də qərbə getdi. Boranlının yolları bir müddət boşaldı. Elə bil, hər yer aydınlığa çıxdı, qaranlıq göydəki ulduzlar daha da işıqlandı, külək də köbərin döşündə, hələ də taqqıldayan şpallardakı relslərin arasında cövlan eləməyə başladı.

Yedigey köşkə qayıtmadı, teleqraf dirəyinə söykənib fikrə getdi. Dəmir yolundan xeyli uzaqda otlayan dəvələrin tutqun qaraltısını seçə bildi. Onlar Ay işığında hərəkətsiz dayanıb səhərin açılmasını gözləyirdilər, Yedigey başqa dəvələrin arasında özünün ikidonqarlı, nəhəngliyi və başının iriliyi ilə o birilərdən fərqlənən nərini tanıya bildi. Onun dəvəsi də Sarı-Özəkdə yüyrəkliyi, zoruyla ad çıxarmışdı. Öz sahibi kimi Boranlı Qaranər adı ilə tanınırdı. Yedigey öz nəri ilə, onun gücü, hətta ipə-sapa çətin yatan dəlisovluğu ilə də fəxr edirdi. Vaxtında heyvanı axtalatdırmamışdı, sonra da axtalatdırmağa ürəyi gəlməmişdi.

Yedigey fikirləşdi ki, başqa işlərlə bahəm Qaranəri də erkəndən qapıya qaytarıb alıxlamaq lazımdır, sabah dəfn mərasimində kara gələ bilər. Bundan başqa da çox fikirlər gəlib keçdi başından…

Razyezddə isə hələ adamlar şirin yuxuda idilər. Razyezd deyəndə, bura dəmir yolunun bir tərəfində salınmış o qədər də böyük olmayan stansiya xidmət binaları, dəmiryol idarəsi tərəfindən tikilmiş altı dənə damı şiferli qurma-taxta ev, bir də ki Yedigeyin öz əli ilə tikdiyi şəxsi evi ilə mərhum Qazanqapın gillə suvanmış daxmasından ibarət idi. Bundan başqa, xörək bişirmək üçün tikililər, heyvan saxlamaq və başqa məqsədlər üçün qamış ağıllar, küzlər də vardı.

Bir də elektriklə işləyən su nasosu, bunu axır zamanlarda quraşdırmışdılar. Lazım olanda əl nasosu kimi də işə yarayırdı, vəssalam, Boranlı dediyin bucığaz idi.

Bəli, ucsuz-bucaqsız Sarı-Özək düzlərinin əvvəli-axırı olmayan qan damarını xatırladan dəmiryol xətti üzərində şəhərləri, kəndləri birləşdirən, qatarların yolunu səmtləyən məntəqələrdən biri Boranlı razyezdi bundan ibarət idi. Nəyi vardısa, hamısı da göz qabağında, necə deyərlər, küləklərin şapalağı altında… İllah da qışda, Sarı-Özək çovğunları başlanandan evləri pəncərəyəcən qar basır, dəmir yolunun neçə yerində üzü buz tutub qaysaqlanmış topalar əmələ gəlirdi. Elə buna görə də düzəngahdakı bu razyezdə Boranlı-Burannı deyirdilər, adı da iki dildə yazılmışdı: qazaxca Boranlı, rusca Burannıy…

Yedigey hələ yollarda müxtəlif qartəmizləyən maşınların olmadığı vaxtları xatırladı; maşınlar cürbəcür idi: bəzisi qarı sovurub fəvvarə kimi yanlara fışqırdır, bəzisi qarşısındakı gəmi burnuna bənzər bıçaqlarıyla qarı yarıb yanlara basırdı və sairə… Bəli, bu maşınlar hələ olmayanda Qazanqapla yolları basmış qar yığınlarını təmizləmək üçün, demək olar ki, ölümlə əlbəyaxa olurdular. Üstündən gör nə qədər vaxt keçir, amma adama elə gəlir ki, lap dünən olub… Əlli bir, əlli ikinci illərdə elə şaxtalı qışdı ki, Allah göstərməsin! Belə işi ancaq cəbhə ilə müqayisə etmək olar; məsələn, əlbəyaxa süngü həmləsinə çıxanda, ya tanka yaxınlaşıb altına qumbara tullamaq istəyəndə bir sözlə, canından bezəndə… Orada necə, burada da elə!.. Düzdür, burada adamı öldürən yox idi, əvəzində, adam özü canına qəsd eləyirdi. Onlar öz əllərilə nə qədər qar yığını kürüyüb təmizləmişdilər, vəllərlə hamarlamışdılar, hələ Yeddinci kilometrin qarı! Burada yol, çapılmış təpənin arasından enişə gedir, buranın qarını onlar kisələrə doldurub dallarında təpəyə qaldırmalı olurdular. Hər dəfə onlara elə gəlirdi ki, bu, qar çovğunu ilə axırıncı əlbəyaxadır, bunun xatirinə “Cəhənnəmə” deyib candan da keçmək olar, təki çölün düzündə ilişib yol istəyən parovozların bar-bar bağıran səsi kəsilsin ona nə var, yolunu aç!

İndi o qarlar əriyib, o qatarlar keçib, o illər də ötüb. Belə günlər olubmu, olmayıbmı, indi bu heç kimi maraqlandırmır. İndiki yoxlama-təmir briqadaları bura yolüstü baş çəkir, haylı-küylü, başqa tipli adamlardır. Görən, heç ağıllarına gəlirmi ki, heç inanırlarmı ki, Sarı-Özək məsafəsinin qar basmış yolu və bir neçə əlikürəkli adam! Nağıl danışmayın, siz allah! Onların içində açıq-açığına gülənlər də olur: “Axı nəyə görə özünüzü fəda eləyirdiz, niyə əzab çəkirdiz, nəyin xatirinə?! Biz heç belə şeyə gedərik! Aparın verin ölənlərinizin xeyratına, atıb gedərdik başqa yerə, bəd ayaqda verərdik özümüzü tikintiyə-zada, elə yerə ki, hər şey qaydasında olsun. Filan qədər işləmişik, filan qədər say qabağımıza. Çox vacib, tələsik iş olanda da yığ camaatı, əlavə muzdla işlə… Sizi gic yerinə qoyublar, qocalar, elə gic kimi öləcəksiniz”.

Belə təzə “nırxbazlar”a rast gələndə Qazanqap onlara fikir verməzdi, elə bil, eşitdiklərinin heç ona dəxli-zadı yox idi, gülümsünərdi. Yedigey isə dözə bilmirdi, mübahisə eləyirdi, axırda da qanını qaraldıb çəkilirdi.

Axı vaxtilə o, Qazanqapla indi xüsusi vaqonlarda gələn yoxlama-təmir briqadasındakı ağzıgöyçək tiplərin dediyi sözlər barədə öz aralarında söhbətlər eləmişdi. Xeyli əvvəllər, bu indiki əllamələr tumançaq gəzdikləri vaxtlarda başqa-başqa məsələlərdən də danışıqları olmuşdu. Onlar hələ o vaxtlar dərrakələri çatan dərəcədə günü-güzəranı götür qoy eləmişdilər. Sonralar həmişə belə-belə şeylərdən söhbətləri olardı şükür ki, vaxtı vardı. Qırx beşinci ildən bəri, illah da Qazanqap təqaüdə çıxandan sonra, işi düz gətirməyəndə getdi şəhərə, oğlunun yanında qalmağa, heç üç ay da keçmədi ki, qayıtdı geri. O vaxt çox dərdləşdilər dünyanın gəldi-gedərindən. Müdrik adamdı Qazanqap. Yada salmalı çox şey var… Və Yedigey birdən tam aydınlığı və üstünə hücum çəkən bir ağrı, göynək ilə hiss elədi ki, innən belə ancaq xatirələr qalır, ancaq xatirə…

Yedigey danışıq aparatındakı mikrofonun şıqqıltı ilə işə düşdüyünü eşidən kimi tələsik köşkə girdi. Bu səfeh qurğu əvvəlcə çovğun səsi kimi xırıldayıb-vıyıldadı, sonra adam səsi eşidildi:

– Yedige, alo, Yedige, – mikrofonda razyezdin növbətçisi Şahmərdanın xırıltılı səsi eşidildi. – Məni eşidirsənmi? Cavab ver!

– Eşidirəm, eşidirəm!

– Eşidirsən?

– Hə, eşidirəm!

– Necə eşidirsən?

– O dünyadan gələn səs kimi!

– O dünyadan niyə?

– Nə bilim!

– Hə… ə… deməli, qoca, Qazanqapı deyirəm…

– Nə deyirsən?

– Deməli, deyirəm, – Şahmərdan baş vermiş hadisəyə münasib söz axtararaq azacıq fasilə verdi, – belə çıxır ki, qoca, necə deyərlər, öz şərəfli həyatını başa vurdu.

Yedigey ürəyində “heyvana bir bax ey, vəfat eləmiş bir adam haqqında da adam kimi söz deyə bilmir” fikirləşsə də, bir kəlmə ilə cavab verdi:

– Hə!

Bir anlığa Şahmərdanın səsi kəsildi. Birdən mikrofon daha bərkdən xırıltı, inilti saldı, nəfəs xışıltısı da ona qarışdı. Sonra Şahmərdan yenə xırıldadı:

– Mənə bax, Yedige, əzizim, indi ölüb deyə, mənə başağrısı vermə… Mənim adamım yoxdur. Vacibdir yanında oturasan, oturanda xortlayıb durmayacaq, deyirəm…

– Mən də deyirəm ki, səndə qanacaq-zad yoxdur, – deyə Yedigey hiddətindən bilmədi ki, nə eləsin, necə yəni başağrısı vermə, sən cəmi burada ikinci ildir işləyirsən, biz onunla bir yerdə otuz il can çürütmüşük. Səndə ağıl varsa, fikirləş. Aramızda insan ölüb. Onu otaqda tək qoymaq olmaz, yaramaz!

– E!.. Ölü nə bilir ki, təkdir, yoxsa yanında adam var?

– Biz ki bilirik.

– Di yaxşı, səs-küy salma, qoca, hirslənmə!..

– Səni başa salıram.

– Nə istəyirsən axı, mənim artıq adamım yoxdur. Onsuz da indi, gecənin bu vaxtı neyləyəcəksən orada?

– Dua edəcəm, yasin oxuyacam, el adətiynən ölünü kəfənə tutacağam…

– Yasin oxuyacaqsan? Sən, Boranlı Yedigey ha?!

– Bəli, mən. Bilirəm, əlimdən gəlir.

– Pay səni, altmış ildir Sovet hökuməti qurulub…

– Sən bu sözləri burax, Şahmərdan, Sovet hökumətinin bura nə dəxli var, ölən üçün qədimdən bu yana yasin oxunur, namaz qılınır, axı insan vəfat eləyib, heyvan ölməyib ki!

– Yaxşı, yaxşı, qaraqışqırıq salma, get öz bildiyini elə. İndi Caydaq Ədilbəyə xəbər göndərərəm, razı olsa, gəlib səni əvəz eləyər. İndi ayıq ol, yüz on yeddinci gəlir, ikinci ehtiyat yolu hazırla…

Elə bu sözlə də Şahmərdan danışığı kəsdi, cihazın açarı şaqqıldayıb susdu. Yedigey tələsik yolçevirən makasa yaxınlaşaraq fikirləşdi ki, görəsən, Ədilbəy razılıq verib onu əvəz eləməyə gələcəkmi? Uzaqdan bir neçə evin pəncərəsindən parlayan işıqları görəndə xeyli təskinlik tapdı. “Yox, adamlarda hələ insaf-vicdan var, düşündü. Deməli, Ukubala boranlıları narahat edib ayağa qaldırır”.

Bu müddət ərzində yüz on yeddinci ikinci ehtiyat yola qəbul olundu, qarşı tərəfdən də vaqonları neft çənlərindən ibarət olan yeni yük qatarı gəldi, aralanıb hərəsi bir səmtə – biri qərbə, o biri də şərqə getdi.

Gecə saat iki idi, göydəki ulduzların şövqü artır, hər biri öz-özlüyündə aydın seçilirdi. Ayın özü də Sarı-Özək göylərində, elə bil ki, haradansa aldığı, get-gedə çoxalan əlavə bir qüvvə ilə işığını artırdı. Ucsuz-bucaqsız Sarı-Özək çöllərinin ulduzlu göyləri altında isə uzaqlarda dəvələr arasında Boranlının ikidonqarlı nəhəng Qaranərinin və yaxınlıqdakı dikdirlərin qaraltısı görünürdü. Qalan yerlər dəmir yolunun hər iki tərəfində qaranlığa qərq olmuşdu. Külək də yatmamışdı, yerdəki zirzibili xışıldadırdı.

Yedigey gah köşkə girir, gah çıxır, gözləyirdi ki, Caydaq Ədilbəy dəmir yolunda görünəcək, ya yox? Elə bu vaxt Yedigey bir az aralıda bir heyvan gördü. Bu, tülkü idi, gözləri qırpım çalan yaşıl bir işıqla parlayırdı. O, teleqraf dirəyinin böyründə ölgün bir vəziyyətdə dayanmışdı. Görkəmindən nə yaxınlaşmaq, nə qaçıb uzaqlaşmaq istəyinə oxşayırdı.

– Burada neynirsən? – deyə Yedigey zarafatyana deyindi, barmağıyla onu hədələdi. Tülkünün eyninə də gəlmədi.

– Bıy, qudurmuşa bax ey! – ayağını yerə vurdu.

Tülkü azacıq kənara sıçrayıb təzədən şöngüdü, gözünü zilləyib kədərlə baxdı. Yedigey, düzü, tam ayırd eləyə bilmədi, tülkü ona baxırdı, yoxsa onun yanında olan nəyəsə başqa bir şeyə? Tülkü bura niyə gəlmişdi? Onu nə çəkib gətirə bilərdi bura?! Elektrik işığına gəlib, ya aclıq çəkib gətirib? Tülkünün davranışı Yedigeyə qəribə göründü.

Bəlkə, bir daş götürüb vurum, indi ki, ov özü gəlib girimə keçib. Yedigey yerdən iri bir daş götürüb tuşladı, qolaylayıb atmaq istədi, amma əl saxladı, daşı ayağı altına saldı. Hətta onu tər basdı. Tülkünü vurmaq istəyəndə bir əhvalat yadına düşdü, kimin danışdığını yadına sala bilmədi, ya təmir üçün gələn tiplərin birindən, ya da oturub-durub Allahdan danışan o fotoqrafdan eşitmişdi… Yox, yox, Allahın lənətinə gəlsin, Sabitcan danışmışdı, deyəsən, ölür əllaməlik üçün, təki qulaq asan olsun, təki camaatı təəccübləndirsin. Ölülərin ruhunun başqasına köçdüyünü Qazanqapın oğlu Sabitcan danışmışdı. İşə bax ey, gör adamın ağlına nələr gəlir! Səfehliyə bax!

Bu gəvəzəni oxudub öz başlarına bəla eləmişdilər. Əvvəlcə adama elə gəlir ki, pis oğlan deyil hər şeyi bilir, hər şeydən xəbəri var… Amma nə fayda! Oxumağına oxuyub internatda da, institutda da, di gəl ki adam deyil, adamlığı yoxdur! Elə hey özünü öyür, içir, məclislərdə sağlıq deyir, amma işə gələndə heç nə! Müxtəsəri, boş gopçunun biridir, diplomunu gözə soxsa da, Qazanqapa oxşarı yoxdur. Yox, fərsiz çıxdı, atasına çəkməyib… Allahın işidir, çarə nədir, olanı budur.

Bir dəfə, necə oldusa, dedi ki, Hindistanda belə bir təriqət sahibləri var ki, ölənlərin ruhunun başqa bir canlıya, lap qarışqaya keçdiyinə inanırlar. Onlar iddia edirlər ki, insan hələ dünyaya gəlməmişdən əvvəl, mütləq, nə vaxtsa bir quş, ya adicə bir ev heyvanı, ya vəhşi heyvan, fərqi yoxdur, ya da adicə böcək olub. Buna görə də onlar hansı canlı olursa olsun, fərqi yoxdur, onu öldürməyi günah sayırlar. Yolüstü lap ilana da rast gəlsələr, ancaq baş əyib, təzim edib yol verirlər.

Bu dünyada nə əcaib iş desən, olar! İndi kim bilsin ki, bunların hansı düzdür, hansı yalan. Bu gen dünyanın sirlərinin hamısını insan necə bilə bilər? Daş götürüb tülkünü vurmaq istəyəndə ağlına gələn əcaib fikir də elə bu idi. Kim bilir, bəlkə, Qazanqapın ruhu bu tülküyə keçib? Ölümündən sonra daxması boş, kimsəsiz qaldığı üçün canı darıxıb, baş götürüb gəlib ən yaxın dostunun yanına?.. “Olmaya, ağlım çaşır?” Öz-özünü danladı, amma yenə də tülküyə ehtiyatla yaxınlaşa-yaxınlaşa elə danışırdı ki, guya, tülkü onun dediklərini başa düşür:

– Çıx get, buralar sənin yerin deyil, eşidirsən, get, yeri çöllüyə, amma itlər olan yerə getmə, get, Allah amanında, çıx get çöllüyə…

Tülkü dönüb uzaqlaşdı, bir-iki dəfə geri baxandan sonra qaranlıqda itdi.

Bu vaxt Boranlıya taraqhataraqla növbəti yük qatarı daxil oldu, tədricən sürətini azaltdı, tamam dayanandan sonra lokomotivin maşinisti başını çıxarıb salam verdi:

– Ey Boranlı Yedigey, əssalamu-əleyküm.

– Və əleyküm-əssəlam.

Yedigey başını qaldırıb baxdı ki, salam verənin kim olduğunu yaxşı görə bilsin. Bu yolda hamı bir-birini tanıyırdı. Xoşbəxtlikdən gələn tanış çıxdı. Yedigey elə onunla da Ayzadənin yaşadığı qovşaq stansiyası Kumbelə sifariş göndərdi ki, atasının ölüm xəbərini qızına yetirsin. Maşinist Qazanqapın xatirəsinə olan hörmətə görə bu işə məmnuniyyətlə razılıq verdi. Bunu da vəd elədi ki, Kumbeldə qatar briqadaları dəyişiləsi olduğu üçün Ayzadə yetirib hazır ola bilsə, onu ailəsi ilə birlikdə özü gətirər.

Bu, etibarlı adam idi. Yedigey bir yüngüllük hiss etdi. Deməli, vacib işlərdən biri görülmüşdü.

Qatar bir neçə dəqiqədən sonra hərəkətə gəldi, Yedigey maşinistlə xudahafizləşəndə gördü ki, sürətini artıran qatarın böyrü ilə caydaq bir adam gəlir, diqqətlə baxıb Ədilbəyi tanıdı.

Yedigey növbəni Caydaq Ədilbəyə təhvil verənə baş vermiş hadisə haqqında danışıb, ah-ufla mərhumun xatirəsini yad eləyənə kimi, Boranlıdan iki qatar da keçdi. Yedigey işlərini qurtarandan sonra evə yollandı. Yolda bayaq unudub arvadına deyə bilmədiyi söz yadına düşdü. Daha doğrusu, arvadı ilə məsləhət etmək istəyirdi ki, Qazanqapın ölüm xəbərini qızlarına və kürəkənlərinə necə yetirsin? Yedigeyin iki ərli qızı tamam ayrı səmtdə Qızıl Ordanın yaxınlığında olurdular. Böyük qızı düyüçülük sovxozunda işləyirdi, əri də orada traktorçu idi. Kiçik qızı isə əvvəlcə Qazanlı stansiyası yaxınlığında olurdu, sonra ailəsi ilə birlikdə bacısıgilə yaxın yerə köçmüşdü. Onun da əri elə o sovxozda sürücü işləyirdi. Düzdür, Qazanqap onlar üçün dəfninə gəlmək vacib olan doğma adam olmasa da, Yedigey belə hesab edirdi ki, Qazanqap onlara qohumdan da yaxındır. Qızları Boranlıda Qazanqapın gözü qabağında böyüyüb ərsəyə çatmışdılar. Kumbel stansiyasındakı internat məktəbində oxumuşdular. Onları internata növbə ilə gah Yedigey özü, gah da Qazanqap aparmışdı. Qızlarının uşaqlıq çağlarını xatırladı. Xatırladı ki, tətilə gedəndə və ya tətildən qayıdanda qızlarını Qaranərin belində necə aparıb-gətirərdi, kiçik qız qabaqda oturar, böyüyü arxada, ata da ortalıqda… Bax, beləcə hər üçü bu üçsaatlıq yolu gedib-gələrdilər. Qış aylarında Qaranər löhrəm getsə də, Boranlıdan Kumbelə yol daha çox çəkirdi, qızlar dərsi qurtarandan sonra geri qayıdardılar. Yedigeyin vaxtı olmayanda qızları Qazanqap aparırdı, qoca onlara lap doğma ata qədər yaxın idi. Yedigey qərara gəldi ki, səhər onlara teleqram vursun, imkanları olsa, gələrlər, hər halda, bilsinlər ki, qoca dünyadan köçüb…

Sonra yol gedə-gedə qət elədi ki, sabah tezdən hər şeydən əvvəl Qaranəri örüşdən gətirsin, çox lazım olacaq. Ölmək də, elə öləni bu dünyada abırla basdırmaq da asan məsələ deyil… Bir də görürsən ki, filan şey yoxdur, filan çatışmır, gərək, hər şeyi özün tapasan kəfəndən tutmuş, ehsan ocağı üçün odunacan…

Elə bu andaca havada bir təlatüm əmələ gəldi. Bu, cəbhədə adamın ayağının altında yer titrədən güclü partlayış dalğasına bənzədi. Gözünün qabağındaca çölün o başında, deyilənlərə görə, Sarı-Özək kosmodromunun yerləşdiyi tərəfdən göyə nəsə od-alov qasırğasına bürünmüş bir şey dikəldi. Yedigey döyüküb yerində mıxlandı – kosmosa raket qalxırdı. O, hələ belə şey görməmişdi. Bütün sarıözəklilər kimi o da bilirdi ki, qırx kilometr aralıda, bəlkə, bir az da az, Sarı-Özək kosmodromu yerləşir, onu da bilirdi ki, Toqrək-Tam stansiyasından ora ayrıca dəmir yolu da çəkilib. Hətta danışırdılar ki, çölün o yerində iri mağazaları olan böyük bir şəhər də salınıb, radiodan, danışıqlardan, qəzetlərdən kosmonavtlar və kosmik uçuşlar barədə də çox şeylər bilirdi. Bütün bu işlər bu yaxın illərdə görüldüyü halda, onların çox şeydən xəbərləri yox idi. Halbuki Sabitcanın yaşadığı şəhər buradan qatarla günyarımlıq yol olsa da, oradakı uşaqlar özfəaliyyət xorunda oxuduqları mahnıda deyirdilər ki, onlar dünyada ən xoşbəxt uşaqlardır, çünki kosmonavt əmilər kosmosa onların torpağından uçurlar. Ancaq kosmodromu əhatə eləyən yerlərin hamısı qapalı zona hesab olunduğu üçün Yedigey bu yerlərin yaxınlığında yaşadığına baxmayaraq, kənardan eşidib-bildiklərilə kifayətlənməli olurdu. İndi budur, kosmik raketin ətrafa titrək işıq fəcri saçaraq tüğyan edən gərgin alov içində sürətlə ulduzlu səmanın qaranlığına sancıldığını öz gözlərilə gördü. Yedigey özünü-sözünü çaşmışdı, yəni, doğrudan da, od-alov içində adam var? Görəsən, neçə nəfərdilər, bir, ya iki? Bəs necə olub ki, illərdən bəri burada yaşaya-yaşaya bir dəfə də olsun, bu cür kosmik raket uçuşunu görməyib? İndiyə qədər kosmosa gör nə qədər uçan olub, hesabını da itirib… Bəlkə, əvvəlki gəmilər gündüz uçublar? Əlbəttə, gün işığında bu boyda məsafədən onu görmək, çətin ki, mümkün olsun. Onda, görəsən, indiki niyə gecə uçdu? Görünür, tələsik işdir, ya da belə lazım imiş… Bəlkə də, buradan gecə qalxır, amma ora çatanda gündüzə düşür? Sabitcan bir dəfə dedi axı, kosmosda hər yarım saatdanbir gecə gündüzü əvəz eləyir. Özü də elə dedi ki, guya, özü orada olub. Gərək, ondan bir də soruşum. Sabitcan hər şeyi bilir. Bir istəyi varsa, o da hər şeydən xəbərdar olan bilikli adam kimi görünməkdir. Hər necə olsa da, vilayət şəhərində işləyir. Amma gözə kül üfürməyi olmasa, axı nəyə lazım? Necə varsansa, elə ol. “Mən filan böyük adamla bir yerdə olmuşam, nə bilim, filan rütbəli adama filan cür dedim…” Amma bizim Caydaq Ədilbəy bir dəfə, necə olursa, onun iş yerinə gedir, dediyinə görə, Sabitcan gözləmə otağı ilə kabinet arasında hələk-vələk imiş. Sözü də bu olub: “Eşidirəm, Əlcabbar Qəhrəmanoviç, oldu, baş üstə, Əlcabbar Qəhrəmanoviç!” Caydaq Ədilbəyin dediyinə görə, o Əlcabbar kabinetində oturub elə zəngin düyməsini basırmış, bir dəqiqə oturub əməlli-başlı danışmağa vaxt tapa bilməyib… Deməli, bizim Boranlımız belə imiş… Eh, nə isə, özü bilər, necə var, elə də var. Heyif təkcə Qazanqapdan, axı oğluna görə çox nigaran idi. Axır günəcən bir dəfə də oğlundan giley-güzar eləmədi, getdi şəhərə, oğlunun, gəlininin yanında yaşamağa, özləri gəlib onu dilə tutub apardılar, bəs axırı nə oldu? Bu, başqa söhbətdir…

Kosmik raketi gözdən itincəyə qədər izləyib, Yedigey o zinrik gecədə bu cür fikirlərlə gedirdi. O dayanıb həmin qəribə möcüzəyə xeyli tamaşa etmişdi. Odlu gəmi qalxır, getdikcə kiçilirdi, nəhayət, o, kiçik bir nöqtəyə dönüb, ağ duman kimi qaranlıqda qeyb oldu. Yedigey başını bulayıb, beləcə qəribə ziddiyyətli duyğular içində yoluna davam etdi. Gördüyündən heyrətlənsə də, o, eyni zamanda başa düşürdü ki, bu, ona dəxli olmayan yad, yabançı heyrət və qorxu doğuran bir şeydir. Birdən o, dəmiryol kənarına qaçıb gəlmiş tülkünü xatırladı. Görəsən, tülkü göyə dikilən bu odlu qasırğanı görəndə neyləyib? Yəqin, yazıq özünü itirib, başını soxmağa deşik axtarıb…

Bu gecə kosmik raketin fəzaya uçmağının şahidi olmuş Boranlı Yedigey bilmirdi, bilə də bilməzdi ki, bu uçuş təcili və qəza uçuşu idi, bu gecə kosmonavtla birlikdə fəzaya uçan kosmik gəmi, heç bir raport verilmədən, təntənə-filan olmadan, jurnalistlərin iştirak eləmədiyi bir şəraitdə, Amerika-Sovet proqramına əsasən, il yarımdan bəri şərti olaraq “Tramplin” adlandırılmış orbitdə “Paritet” kosmik stansiyasında baş vermiş fövqəladə hadisə ilə əlaqədar idi. Yedigey bunları haradan biləydi. Yedigey bunu da bilmirdi ki, bu gecə gördüyü hadisənin onun da həyatına dəxli olacaq, özü də ona görə yox ki, sözün ən ümumi mənasında insanla bəşəriyyətin əlaqəsi qırılmazdır. Yedigey bunu da qətiyyən bilə bilməzdi ki, Sarı-Özəkdən qalxmış kosmik gəmidən bir azca sonra planetin əks tərəfindən Amerikadakı Nevada kosmodromundan eyni məqsədlə qalxan ikinci kosmik gəmi, “Tramplin” orbitində, əks dövriyyə ilə həmin “Paritet” stansiyasına yaxınlaşır.

Kosmik gəmilər təcili surətdə “Demiurq” proqramını ifadə edən Sovet-Amerika Birləşmiş İdarə Mərkəzinin dəniz bazası olan “Konvensiya” təyyarədaşıyan gəmisindən verilmiş əmrə görə göndərilmişdi.

“Konvensiya” təyyarədaşıyan gəmisi öz həmişəki yerində, Sakit okeandakı Aleut adalarından cənubda, Vladivostokla San-Fransisko şəhərləri arasındakı məsafənin ortasındakı kvadratda idi. Birləşmiş İdarə Mərkəzi – Biridamərk bu vaxt hər iki kosmik gəminin “Tramplin” orbitinə çıxmasını gərginliklə izləyirdi. Hələlik hər şey öz qaydasında idi.

“Paritet” kompleksilə birləşmək üçün lazımi manevrlər edilməli idi. Bu, mürəkkəb iş idi.

“Paritet” on iki saatdan artıq idi ki, Birləşmiş İdarə Mərkəzi “Konvensiya”dan göndərilən siqnallara cavab vermirdi. Birləşməyə gedən gəmilərin də siqnalları cavabsız qalırdı… Dəqiq müəyyən etmək lazım idi ki, “Paritet”in ekipajına nə hadisə üz vermişdir?




II


Qatarlar bu yerlərdə şərqdən qərbə, qərbdən də şərqə gedirdi…

Bu yerlərdə dəmir yolunun hər iki tərəfi ilə intəhasız Sarı-Torpaq çöllərinin göbəyi hesab edilən Sarı-Özək düzənliyi uzanıb gedir…

Coğrafiyada hər şey Qrinviç meridianından ölçülən kimi, bu yerlərdə də bütün məsafələr dəmiryol ilə ölçülürdü.

Qatarlar isə şərqdən qərbə, qərbdən də şərqə gedirdi…


Naymanların dədə-baba qəbiristanlığı sayılan Ana-Beyit qəbiristanlığına Boranlıdan azı otuz kilometr yol vardı, özü də, gərək, dəmir yoluna köndələn səmt tutub kəsə yolla gedəsən, Sarı-Özək düzündə, gərək, fəhmini itirməyəsən, özünə arxayın olub, kəsə yolla getməyə ürək eləməsən, onda gərək dəmiryolun böyründəki adi yolla gedəsən. Bu yol xeyli uzundur. Çünki Qıysaqçay dərəsindəki döngədən Ana-Beyitə çatmaq üçün gərək nə boyda dövrə vurasan… Başqa yol yoxdur, sözün qısası, otuz verst o başa, otuz da bu başa. İndiki boranlılardan, Yedigeydən başqa, o yola bələd olanı yox idi. Doğrudur, qədim Beyit qəbiristanlığı haqqında çox söz-söhbət eşitmişdilər, amma vəziyyət elə gətirmişdi ki, hələ gedib Ana-Beyiti öz gözü ilə görən olmamışdı. Əslində buna ehtiyac da yox idi. Uzun illər ərzində səkkiz evdən ibarət olan qəsəbəcikdə bu, yeganə hadisə idi ki, adam ölmüşdü, onu dəfn etmək lazım idi. Neçə illər qabaq bir qızcığaz sinəgir olub ölmüşdü. Valideynləri onu dəfn eləmək üçün öz vətənlərinə Ural vilayətinə aparmışdılar. Bir neçə il əvvəl Qazanqapın arvadı Bikə qarı xəstəxanada vəfat eləyəndə onu Boranlıya gətirməyi məsləhət bilməyib, elə Kumbeldə dəfn elədilər. Kumbel axı Sarı-Özəkdə, demək olar ki, ən iri stansiya idi. Bir də ki qızı Ayzadə və kürəkəni (içkiyə qurşanmış olsa da, özgə deyildi) orada olurdular, heç olmasa, qəbrinə göz yetirib baxardılar. O vaxt Qazanqap sağ idi, işini də öz bildiyi kimi tuturdu.

İndi fikirləşir, götür-qoy edir, amma bir qərara gələ bilmirdilər. Amma Yedigey yenə də öz dediyinin üstündə durdu:

– İgidə yaraşmayan söhbətləri buraxın, canım, – deyə cavanların üstünə bozardı, – belə kişini öz dədə-baba yerimizdə, Ana-Beyitdə dəfn edəcəyik. Mərhum özü belə vəsiyyət eləyib. Yaxşısı budur, gəlin sözdən işə keçək. Xeyli yolumuz var. Hazırlığa başlayaq. Səhər tezdən yola çıxırıq…

Hamı başa düşdü ki, Yedigeyin qərar qəbul eləməyə haqqı var, dediyinə də heç kim etiraz eləmədi. Doğrudur, Sabitcan işə bir pəl vurmaq istədi, o, həmin gün minik qatarları burada dayanmadıqları üçün yük qatarı ilə özünü yetirmişdi. Gələnə kimi atasının sağlığını, ya öldüyünü qəti bilməsə də, özünü çatdırmışdı. Görünür, elə bunu dəqiq bilməyə-bilməyə gəlməsi Yedigeyi mütəəssir eləmişdi, hətta bir növ sevindirmişdi də… Hətta qucaqlaşıb bu böyük dərdin müsibətinə birlikdə ağladıqları anlar-dəqiqələr də olmuşdu. Yedigey sonralar buna görə özünə təəccüb elədi.

O, özü ilə bacara bilməyib, Sabitcanı bağrına basıb ağlaya-hıçqıra deyirdi: “Nə yaxşı ki gəldin, gözümün işığı, nə yaxşı ki gəldin!” Elə bil, onun gəlməyi ilə mərhum dirilib ayağa duracaqdı. Yedigey özü də başa düşə bilmirdi ki, niyə belə hönkürüb ağlamışdı, ondan heç vaxt belə şey görünməmişdi. Kimsəsiz qalmış daxmanın həyətində Sabitcanla qucaqlaşıb xeyli ağlamışdılar. Nədənsə, yaman kövrəlmişdi, axı atasının sevimli oğlu olan Sabitcan uşaqlıqdan onun gözləri qabağında böyümüşdü, onu Kumbelə, dəmiryolçuların balaları üçün açılmış internat məktəbinə aparırdılar. İmkan tapan kimi gah yük qatarı, gah da dəvəylə gedib ona baş çəkirdilər görsünlər Sabitcanı yataqxanada incidən yoxdur ki, ya özü cızığından çıxmır ki, necə oxuyur, müəllimlər onun haqqında nə deyirlər? Bəs tətil günlərində onu neçə dəfə kürkə bürüb-büküb Sarı-Özəyin şaxtasında, boranında, qar basmış çöllərlə Kumbelə aparmışdılar ki, dərslərinə gecikməsin.

Eh, yaxşı deyiblər, keçən günə gün çatmaz, calasan günü günə! Bunlar hamısı indi adama yuxu kimi gəlir. Budur, indi o vaxtkı dəmbərəgöz, üzügülən uşağın yerinə gözlüklü, əzik şlyapalı, köhnə qalstuklu yekə bir kişi gəlib dayanıb. Özü də vilayət şəhərində işləyir, dərdi-azarı da böyük vəzifə, rütbə sahibi kimi görünməkdir. Amma həyat deyilən şey ki var, çox məkrli bir şeydir, böyük vəzifəyə çatmaq elə də asan başa gəlmir. Bir dəfə elə özü şikayətlənib deyirdi ki, qohum-əqrəbadan, yaxşıca tanış-bilişdən arxan, köməyin olmasa, deməli, zəhmətin havayıdır. Mən kiməm ki? Boranlı deyilən bir razyezddə işləyən Qazanqap deyilən birisinin oğlu. Eh, bədbəxt, indi heç bəyənmədiyin o ata da yoxdur. Ölüb getmiş məşhur atadansa, ən fərsiz diri ata min qat yaxşıdır, indi heç bu da yoxdur.

Bir az sonra göz yaşları qurudu. Görüləcək işlərdən danışdılar. Bax, elə buradaca məlum oldu ki, əziz-xələf əllamə oğul, atasını dəfn eləməyə yox, gəlib ki, tələm-tələsik bir çala qazıb kişini quylayan kimi, tezcə də canını qurtarıb qayıtsın. Başladı ki, axı nəyə lazım o uzaqlıqda Ana-Beyitə getmək, gör nə qədər boş yer var, Sarı-Özək elə qapının kənarından dünyanın qurtaracağına qədər bomboş, kimsəsiz düzənliklər deyilmi? Məgər bu yaxınlıqda münasib bir təpəcikdə, lap elə yanındaca qəbir qazmaq olmazmı? Ömrünü bu yerlərdə qoymuş qoca dəmiryolçu qatarların hərəkətlərini, səs-küyünü eşidib həm də bizdən razı qalar.

Aralığa salıb köhnə bir məsəl də çəkdi: “Ölü hazır, qəbir qazın!” Artıq-əskik danışmaq, uzatmaq nəyə lazım, ölənin nə eyninə ki, onu harada basdırırlar, necə basdırırlar. İşi nə qədər tez görsən, ölünün də xeyrinədir, dirinin də.

Bu sözləri deməklə o həm də özünə bir növ haqq qazandırmağa çalışdı ki, guya, təcili görüləsi mühüm işləri var, onu şəhərdə iş yerində gözləyəcəklər, vaxtı yoxdur.

Məlum işdir, rəis rəisdir, onun nə vecinədir ki, qəbiristanlıq uzaqdadır, ya yaxında. Rəis öz sözünü deyir, filan gün, filan saatda işə gəlməlisən, vəssalam! Niyə? Ona görə ki, şəhər şəhərdir, rəis də rəis!..

Yedigey ürəyində özünü: “Qoca axmaq”, deyə danladı, lap Qazanqapın oğlu olsa da, bu tipi bağrına basıb hönkürtü ilə ağladığına xəcalət çəkdi… Skamya əvəzi divarın dibinə düzülmüş şpalların üstündə beş adam oturmuşdu. Yedigey ayağa qalxdı, adamların yanında ona ağır, acı söz deməkdən özünü zorla saxlayaraq, mərhumun xatirinə susub ancaq bunu dedi:

– Yerə qalsa, yer çoxdur, nə qədər istəsən, yer tapılar. Amma, nədənsə, adamlar öz qohum-əqrəbasını hara gəldi basdırmır. Yəqin, bunun da bir mənası var… Yoxsa kimin torpağa heyfi gələrdi? Susdu. Boranlılar da susur, ona qulaq asırdılar. Yaxşı, siz burada bir qərara gəlin, mən də gedim görüm orada işlər nə yerdədir.

Sir-sifəti qaralmış Yedigey ikrahla uzaqlaşdı ki, bir xata-zad işlətməsin. Qaşları düyünlənmişdi. Çox sərt və qızğın adam idi, elə adını da bir cəhətdən xasiyyətinə görə Boranlı qoymuşdular. İndi Sabitcanla tək olsaydılar, o utanmazın üzünə olmazın sözünü deyərdi. Elə kəsib tökərdi ki, ölənəcən yadından çıxmasın! Amma arvad söz-söhbətinə baş qoşmaq istəmədi. Odur ey, arvadlar pıçıldaşırlar ki, oğula bir bax, elə bil, atasının yasına qonaq gəlib, əli ətəyindən uzun, bomboş. Qalanı başına dəysin, heç olmasa, bircə büküm çay gətirəydi. Gəlini də elə, şəhərli olanda nə olar, hörmət eləyib gələ bilərdi, el qaydasıyla bir az ağlayıb-oxşasaydı, ölməzdi ki… Vallah, camaatda abır-namus deyilən şey qalmayıb, Qazanqapın sağlığında iki sağlam dəvəsi, on beşə kimi qoyun-quzusu olanda yaxşı idi. Onda arvadı da gəlirdi. Gəldi, kişinin olan-qalanını da satdırdı. Guya, kişini yanlarına aparırlar. Əslində, bütün hoqqaları özlərinə mebel və maşın almaq idi. Elə ki məqsədlərinə çatdılar, daha kişi də lazım olmadı. İndi heç üzünü də göstərmir. Arvadlar yığışmışdılar mərəkə salsınlar, Yedigey yol vermədi:

– Susun, ölənin ruhuna hörmət eləyin, bizim işimiz deyil, qoy özləri ayırd eləsinlər…

O, ağıla tərəf getdi, örüşdən qaytarılmış Qaranər dirəyə bağlanmışdı, hərdən hirslə nərildəyirdi. Bu həftə bir-iki dəfə sürü ilə bərabər nasos qoyulmuş quyunun yanına gəlib, su içməyi nəzərə alınmazsa, Qaranər həftəni gecə-gündüz sərbəst gəzmişdi. Əclaf ipə-sapa yatmırdı, indi də öz narazılığını bildirirdi hərdən qəzəblə ağzını ayırıb iri dişlərini göstərərək nərildəyirdi: köhnə məsələ idi, yenə də tutub bağlamışdılar, ona da öyrəşə bilmirdi…

Sabitcanın sözündən sonra ürəyi nisgilli Yedigey Qaranərin yanına gəldi. O elə əvvəlcədən bilirdi ki, belə də olacaq. Belə çıxırdı ki, doğmaca atasını dəfn eləməyə gəldiyi üçün hamı Sabitcana minnətdar olmalıdır. Bu işi o, yük hesab eləyirdi və fikirləşirdi ki, bu artıq yükü üstündən mümkün qədər tez atmalıdır. Yedigey Sabitcanla ağız-ağıza verməyi lazım bilmədi, onsuz da hər işi özü görməliydi, sağ olsunlar, qonşular da əl yetirirdilər. Dəmiryolunda növbədə olanlardan başqa, hamı sabahkı dəfn mərasimi və ehsan üçün hazırlığa kömək eləyirdi. Qadınlar qonşulardan qab-qacaq yığır, samovarları sürtüb təmizləyir, xəmir qatıb çörək bişirirdilər. Kişilər də su gətirir, yollarda öz işini görüb qurtarmış, indi çürüməkdə olan şpallardan odun doğrayırdılar. Quru çöllərdə yaşayanlar üçün yanacaq da su qədər vacib şey hesab edilir. Bu ümumi işdə təkcə Sabitcan əl-ayağa dolaşır, öz yersiz söz-söhbəti ilə onu-bunu işindən-gücündən avara eləyirdi. Nə bilim, vilayətdə filankəs filan işdədir, filankəsi işdən çıxartdılar, filankəsi də qabağa çəkdilər. Amma arvadının öz qayınatasını basdırmağa gəlməməsi heç vecinə gəlmirdi. Lap məəttəl qalmalı iş idi! Sözündən belə çıxırdı ki, onun konfransı var, bu konfransda da xarici qonaqlar iştirak edəcəklər: nəvələrin heç adı çəkilmirdi. Nəvələr də məktəb yolunda can qoyurdular ki, aldıqları attestatları instituta girəndə işə yarasın. “Belə də adam olar! – deyə Yedigey ürəyində söyürdü. – Onlara ölümdən başqa hər şey vacibdir!” Bu məsələ ona rahatlıq vermirdi. “Əgər ölümün onlar üçün heç bir əhəmiyyəti yoxdursa, deməli, həyatın da qədir-qiyməti yoxdur. Onda nə məqsədlə yaşayırlar, niyə yaşayırlar?”

Yedigey hirsini Qaranərə tökdü:

– Nə səsini salmısan başına, timsahın biri, timsah!

– Yedigey öz dəvəsinə çox nadir hallarda, lap özündən çıxanda “timsah” deyərdi. Qaranərə timsah adını iri, dişli ağzına və kinli xasiyyətinə görə gəlmə dəmiryolçular qoymuşdular.

– Kəs səsini timsah, qanımın qara vaxtı dişlərini qıraram!

Dəvəni alıxlamaq lazım idi. Başı işə qarışdı, hirsi bir az soyuyub sakitləşdi. Qarşısında dağ kimi ucalan Qaranəri baxışlarıyla oxşadı, Yedigey boyca uca olsa da, əli Qaranərin başına çatmırdı: dəvəni yatmağa məcbur elədi, əlindəki qamçının sapı ilə dəvənin döyənək olmuş dizinə döyə-döyə, zəhmlə “kıx” elədi, nər bərkdən nərə çəkib narazılığını bildirsə də, sahibinin əmrinə tabe oldu, dizlərini altına qatlayıb döşünü yerə verərək çöküb toxtadı. Yedigey işə başladı. Dəvəni tam qaydasıyla alıxlamaq, ev tikmək kimi çətin işdir. Alığı hər dəfə təzədən düzüb-qoşmaq lazım gəlir, bu da xüsusi bacarıq və güc istəyir, illah Qaranər kimi bir dağ ola!

Boranlının dəvəsi “Qaranər” adını da nahaqdan almamışdı. O, qapqara kilkəli başı, qulaqlarının dibinəcən bitmiş sıx qara saqqalı, nərlərin yaraşığı boynunun altıyla dizinəcən sallanan qara-burum yalmanı, belində qoşa qala kimi ucalan donqarı və bütün bu gözəlliyə nöqtə qoyan quyruğunun ucundakı qara saçaqlı qotaza görə almışdı “Qara” adını. Bu da eyni zamanda həm qara, həm də böyük demək idi. Nərin qalan yerləri, boynunun üstü, döşü, böyürləri, ayaqları, qarnı, əksinə, açıq-şabalıdı rəngində idi. Qaranər elə rənginə və qamətinə görə şöhrət qazanmışdı. Qaranər nərlik dövrünün ən gözəl çağındaydı. Üçüncü onilliyə təzəcə qədəm qoymuşdu.

Dəvələr çox yaşayırdılar, görünür, elə buna görə də anadan olandan beş il keçməlidir ki, yelinləsin, özü də iki ildən bir doğur, balasını da qalan heyvanlardan çox qarnında gəzdirir. Ən çətini odur ki, köşəyi bir il-il yarım qoruyasan, çölün acı küləklərindən soyuqlayıb tələf olmasın.

Sonra daha ona zaval yoxdur, nə soyuqdan qorxacaq, nə istidən, nə susuzluqdan, böyüyüb boy atacaq.

Yedigey belə şeyləri yaxşı bilirdi. Buna görə də Boranlı Qaranəri gümrah saxlayırdı. Qaranərin sağlamlığının və gücünün əlaməti belindəki çuqun kimi bərk donqarları idi. Bu Qaranəri bir vaxt ona yupyumru, tüklü ördək balasına oxşayan südəmər vaxtında Qazanqap bağışlamışdı, Yedigey cəbhədən qayıdıb Boranlıda məskən salıb kök atanda vermişdi bu dəvəni ona. Yedigey özü də cavan bir oğlan idi. Heç ağlına gəlməzdi ki, burada ömürlük qalıb saç-saqqal ağardacaq. Hərdənbir o illərin fotosuna baxır, gözlərinə inanmırdı. Yamanca dəyişib, saç-saqqalı, hətta qaşları da ağarıb, söz yox, sifəti də dəyişib, amma yaşına görə bədəncə hələ möhkəm idi, ağırlaşmamışdı. Bığ-saqqalı da, elə bil, öz-özünə əmələ gəlmişdi əvvəlcə bığ buraxdı, sonra da saqqala toxunmadı. İndi də özünü saqqalsız heç təsəvvürünə gətirə bilmirdi. Saqqalsız olmağını elə çılpaq olmaq kimi bir şey bilirdi. Eh, o vaxtdan nə qədər sular axmışdı. İndi Yedigey hıxlanıb oturan, hərdən də uzunboyunlu, kilkəli başını döndərib şir kimi nərə çəkərək dişlərini ağarda-ağarda narazılığını bildirən nəri gah səsi, gah da əli ilə hədələyərək toxdadır, işləyə-işləyə o illərdə olub-keçənləri xatırlayır, xatırladıqca da yumşalırdı…

Yedigey alığı, noxtanı, qalan bənd-bağı yerbəyer eləyənəcən xeyli əlləşdi. Bu dəfə alığın altından dəvənin belinə əlvan xallı, naxışlı, qədim tikməylə işlənmiş bir səfər tərliyi saldı. Axırıncı dəfə bu tərlikdə Qaranəri nə vaxt bəzədiyi heç yadına da gəlmirdi. Ukubala tərliyi yaman qoruyub saxlayırdı. İndi fürsət düşmüşdü…

Qaranəri səfərə hazırlamaq üçün çox əlləşməli oldu, taxt-rəvan düzəldənə qədər onun belinə Ukubalanın qısqanclıqla qoruyub saxladığı əlvan naxışlı, qədim tikməli tərliyi saldı. Qəzanın işinə bir bax, gör nəyə qismət oldu bu təmtəraq, halalı olsun!

Boranlı Qaranər hazır olanda Yedigey onu ayağa durğuzdu və öz işindən razı qaldı, hətta ürəyində fəxr də elədi. Qotazlı tərliklə bəzənmiş, iki donqarı arasında ustalıqla taxt-rəvan qoyulmuş Qaranərin çox əzəmətli və cüssəli görkəmi vardı. Qoy bu cavanlar, xüsusilə bax, o Sabitcan baxıb gözünə su versin. Qoy başa düşsün ki, ləyaqətlə yaşamış adamın dəfni artıq yük, əngəl deyil, əksinə, kədərli də olsa, çox böyük şərəf işidir. Matəmin də şərəfli cəhətləri var, birində musiqi çalınır, bayraq sallanır, başqasında yaylım atəşi, o birində gül-çiçək əklilləri…

O özü isə, Boranlı Yedigey, sabah tezdən matəm mərasimi üçün qotazlı tərliklə bəzədilmiş Qaranərin üstündə gedəcək, dünyada ona ən əziz adam olan Qazanqapı öz əbədi mənzilinə Ana-Beyitə yola salacaq. Bütün yolu intəhasız və kimsəsiz Sarı-Özək düzənliyindən keçərkən ancaq Qazanqap haqqında düşünəcək. Mərhumun öz vəsiyyətinə görə onun cənazəsini dədə-baba qəbiristanlığında torpağa tapşıranda da onu düşünəcək. Aralarında belə bir danışıq olmuşdu. Bəli, Ana-Beyitə gedən yol yaxındır, ya uzaq dəxli yoxdur, Qazanqapın bu vəsiyyətini yerinə yetirmək fikrindən Yedigeyi heç kim daşındıra bilməzdi, hətta mərhumun öz doğmaca oğlu da!..

Qoy hamı bilsin ki, ayrı cür ola da bilməz, onun Qaranəri də bu məqsəd üçün bəzədilib, hazırlanıb.

Qoy hamı görsün deyə, Yedigey Qaranəri yedəkləyib evlərin qabağından keçirtdi, sonra da gətirib Qazanqapın daxmasının qabağında bağladı. Qoy hamı görsün, ola bilməz ki, Boranlı Yedigey verdiyi sözü yerinə yetirməsin!

Yedigey dəvəni sahmanlayan vaxt Caydaq Ədilbəy fürsət tapıb Sabitcanı kənara çəkdi:

– Gəl çəkilək kölgəyə, sənə sözüm var.

Orada onların söhbəti çox çəkmədi. Ədilbəyin onu dilə tutmaq fikri yox idi, hər şeyi açıq, düznəqulu dedi:

– Bilirsən nə var, Sabitcan, Allaha şükür elə ki, atanın Boranlı Yedigey kimi vəfalı dostu var. Mane olma, qoy kişini el adətiylə basdıraq, tələsirsən, çıx get, saxlamırıq. Sənin yerinə özüm bir ovuc torpaq artıq ataram.

– Ata mənimdir, özüm bilərəm… – deyə Sabitcan yenə də höcət eləmək istəyəndə Ədilbəy onun sözünü yarımçıq kəsdi:

– Ata sənin olmağına sənindir, amma sən özündə deyilsən.

Sabitcan duruxdu:

– Sən də söz danışdın, – dedi, – gəl bu ağır gündə sözləşməyək, qoy Ana-Beyit olsun, yaxşı, dediyim odur ki, uzaqdır…

Söhbət də bununla qurtardı. Yedigey Qaranəri göz qabağında bağlayandan sonra qayıdıb boranlılara üz tutub dedi:

– Kişiyə yaraşmayan söhbətləri qurtarın, bu cür kişini ancaq Ana-Beyitdə basdıracağıq…

Heç kəs etiraz eləmədi. Hamı kirimişcə razılaşdı…

Həmin axşam və gecəni qonşular mərhumun daxmasının qabağında keçirdilər. Şükür ki, hava da yaxşı idi. Gündüzün istisindən sonra Sarı-Özəkdə payız qabağı axşamlar sərin olurdu. Dünyanı nəhayətsiz, küləksiz, ala-toran sakitlik bürümüşdü, sabahkı ehsan üçün kəsilmiş qoyunu elə şər qarışandaca soyub təmizlədilər, sonra tüstülənən samovarın yanında çay içdilər, olub-keçəndən danışdılar. Sabahkı dəfn mərasimi üçün, demək olar ki, bütün işlər görülüb qurtarmışdı. Bircə o qalırdı ki, sabah açılsın, Ana-Beyitə yol alsınlar… Həmin gecə sakit və rahat keçdi. Dünyada ömür sürmüş, saç-saqqal ağartmış bir adam öləndə belə də olur – ömrünü sürüb köçdü, artıq dərd eləmək nəyə lazım…

Boranlıya həmişəki kimi yenə də qatarlar girirdi biri şərqdən, biri qərbdən, təzədən biri qərbə, biri də şərqə yol alırdı…

Bəli, o gecə Ana-Beyitə getmək ərəfəsində vəziyyət pis deyildi, əgər xoşagəlməz hadisə nəzərə alınmasaydı… Həmin gecə Ayzadə münasib yük qatarı ilə atasının dəfn mərasiminə gəldi. Hönkürtü çəkib gəldiyini bildirəndə arvadlar onu araya alıb səsinə səs verdilər. Xüsusilə Ukubala Ayzadəyə qoşulub özünü həlak eləyir, hönkürüb ağlayırdı… Ayzadəyə ürəyi yanırdı, gözlərinin yaşını tökə-tökə ağı deyirdi, sakitləşmək bilmirdilər. Yedigey Ayzadəyə təsəlli vermək istədi ki, daha nə eləmək olar, yazıya pozu yoxdur, birtəhər dözüb qatlaşmaq lazımdır… Amma Ayzadə sakitləşmək bilmirdi ki, bilmirdi.

Belə şey tez-tez olur, çoxdan bəri yığılıb ürəyində qubar bağlamış dərdini camaatın qabağında açıb tökmək üçün atasının ölümü bir fürsət idi. Saçları, ağlamaqdan şişmiş sifətinə dağılıb tökülən Ayzadə atasının meyitinə üz tutub hönkürtü çəkir, arvadlara məxsus bir əda ilə öz qara bəxtindən şikayət edib deyirdi ki, nə dərdinə qalanı, nə təsəlli verəni var, cavanlıqdan bədbəxt olub əri əyyaş, uşaqları başsız-böyüksüz, səhərdən-axşamacan stansiyada avaralanırlar, sabah-birisi gün quldur olub qatarlarda soyğunçuluq eləyəcəklər, böyüyü içməyə başlayıb, milisdən gəlib xəbərdarlıq eləyiblər ki, belə getsə, işi prokurora veriləcək. Bəs o, başına nə daş salsın, altı uşaqla necə bacarsın! Atalarının heç vecinə deyil…

Onun, doğrudan da, vecinə deyildi, tamam biganə və məxmur, qüssə-xəyal içində oturmuşdu, amma bu halı ilə yenə də, necə olmasa, yığışıb qayınatasının dəfninə gəlmişdi, oturub bir tərəfdə pis qoxulu ucuz siqaretindən çəkirdi. Arvadların qaraqışqırığı onunçün təzə şey deyildi.

Bilirdi, qışqırıb, bağırıb yumşalacaqlar… Bu məqamda qızın qardaşı Sabitcanın işə qarışmağı yersiz çıxdı. Hər şey də elə bundan başlandı: “Bu harada görünüb, nə oyundur açırsan, atanı dəfn eləməyə gəlmisən, yoxsa özünü biabır eləməyə? Qazax qızı hörmətli atasının cənazəsi üstündə belə ağı deyərmi?! Məgər qazax arvadlarının ağı deməsi yüz illərin nəsilləri üçün əfsanəyə, nəğməyə çevrilməyibmi?!

O ağıların təsirindən bircə ölülər dirilməyib, dirilərin hamısı göz yaşlarına qərq olub. Bu ağılarda mərhum həmişə tərif olunub, onun ləyaqəti göylərə ucaldılıb o vaxt qadınlar bax, belə ağlayıblar. Bəs sən nə eləyirsən? Başlamısan ki, yazığam, bədbəxtəm, nə bilim nəyəm!..”

Ayzadəyə də, elə bil, bu lazım idi. O, təzə qüvvət almış kimi, qəzəblə, bir az da bərkdən qışqırmağa başladı:

– Ağıllıya, alimə baxın! Get əvvəlcə arvadının başına ağıl qoy. Bu gözəl sözlərini əvvəlcə onun beyninə yerit! Bəs niyə gəlib o dediyin ağılardan bizə öyrətmir? Gəlib atamız üçün bir az oxşasaydı, günah olardı, o ifritə də, sən əclaf da qocanı üryan qoydunuz. Mənim ərim əyyaş olsa da, buradadır, bəs sənin o başbilənin hansı cəhənnəmdədir?

Bacısının həyasızlığını görəndə Sabitcan yeznəsinə qışqırmağa başladı ki, Ayzadənin səsini kəssin. Onun da birdən cini vurdu başına, cumub Sabitcanı boğazlayıb boğmağa başladı…

Boranlılar coşub bir-birinə girişmiş qohumları güc-bəla ilə ayıra bildilər, hamı xəcalət çəkib utanırdı. Yedigeyin qanı bərk qaraldı. Onların necə adam olduqlarını bilirdi, amma işin bu çilləyə minəcəyini gözləmirdi. Hirsi soyumamış ikisinə də xəbərdarlıq elədi:

– Əgər siz bir-birinizə hörmət eləmirsinizsə, heç olmasa, atanızın xatirəsini ləkələməyin, yoxsa ikinizi də qapıdan qovaram, heç nəyə baxmaram. Onda özünüzdən küsün…

Bax, dəfn ərəfəsində belə xoşagəlməz əhvalat oldu. Yedigeyin qanı lap qaraldı. Yenə də tutqun sifətində qaşları çatıldı, yenə də suallar qəlbini didişdirdi bu uşaqlar haradan əmələ gəlib? Axı bunlar niyə bu günə düşüblər? Qazanqapla birlikdə onları göydən od yağan istidə, boranlı soyuqda da Kumbel internat məktəbinə aparanda bunumu arzulayırdılar? Arzuları bu idi ki, uşaqlar oxuyub adam olsunlar, adam içinə çıxsınlar, daha bu Sarı-Özək çölündə çürüyüb qalmasınlar. Sonra valideynlərini günahlandırıb deməsinlər ki, bizi oxutmadılar, bizi lazımınca tərbiyə eləyib təhsil verə bilmədilər. Amma hamısı alt-üst oldu… Bəs niyə, görəsən, böyüyüb elə adam olmadılar ki, baxanda ürək bulanmasın?

Yenə də Caydaq Ədilbəy köməyə gəldi, həssaslıq göstərdi, o axşam Yedigeyin vəziyyətini xeyli yüngülləşdirdi. O, Yedigeyin nələr çəkdiyini yaxşı başa düşürdü. Məlum şeydir ki, dəfn mərasimində mərhumun övladları əsas simadır, bu, həmişə belə olub, nə cür utanmaz, yaramaz olsalar da, gərək, birtəhər canını dişinə tutub dözəsən. Buna görə də bacı ilə qardaş arasında yaranmış qanqaralığı birtəhər malalamaq üçün Ədilbəy kişiləri evə dəvət elədi. Sözü də bu oldu ki, nə var həyətdə oturub ulduzları sayırıq, gedək çaydan-zaddan içək…

Caydaq Ədilbəyin evində Yedigey, elə bil, tamam bambaşqa bir aləmə düşdü. O, bu evə əvvəllər də qonşu kimi gələrdi. Hər dəfə də razı qalıb, Ədilbəyin ailə səadətinə ürəkdən sevinmişdi. Bu gün burada daha çox qalmaq istədi, bu nəsə daxili ehtiyac idi, sanki, itirdiyi gücünü, qüdrətini təzədən burada tapmaq istəyirdi.

Caydaq Ədilbəy də başqaları kimi yol xidmətçisi idi. Başqalarından da artıq qazanmırdı. Hamı kimi o da quraşdırma taxta evin yarısında iki otaq və mətbəxdən ibarət olan mənzildə yaşayırdı, di gəl ki burada tamam başqa həyat hökm sürürdü, təmiz, işıqlı və rahat bir həyat… Hətta bu adi piyalələrə süzülmüş çay da, hansı ki hamının evində var, Yedigeyə şəffaf şan balı kimi şirin gəldi. Ədilbəyin arvadı da həmçinin görkəmi görkəm, evdarlığı da göz qabağında, gül kimi… Yedigey onlara baxıb özlüyündə fikirləşdi ki, qalıb yaşayarlar, sonra da münasib yer tapıb köçərlər, köçsələr hayıf olar…

Kirz çəkmələrini artırmada çıxarıb içəri otaqda corablı ayaqlarını qoşalayıb bardaş quran Yedigey bu gün ilk dəfə hiss elədi ki, bərk yorulub, həm də acıb, kürəyini taxta divara söykəyib susdu. Qalan adamlar isə çox hündür olmayan qabaq stolunun dövrəsində oturub olub-keçəndən danışırdılar.

Əsl söhbət sonra başlandı, aralığa qəribə bir söhbət düşdü. Yedigey dünən gecəki kosmik raket uçuşunu yaddan çıxarmışdı. Ancaq belə şeyləri bilən adamlar elə şeylər danışdılar ki, Yedigey də fikirləşməyə məcbur oldu. Doğrudur, eşitdikləri onun üçün kəşf deyil, intəhası, danışılan sözlərə, özünün bu sahədə məlumatsızlığına təəccübləndi.

Buna baxmayaraq, içində də olsa, xəcalət çəkmədi, başqalarını bu qədər maraqlandıran kosmik uçuşlar onun üçün çox uzaq, möcüzə kimi yad bir şey idi. Hər nə isə, dünən öz gözləriylə gördüyü kosmik raketin uçuşu onu sarsıdıb valeh eləmişdi. Ədilbəyin evində də söhbət bundan gedirdi.

Əvvəlcə oturub şubat içirdilər, dəvə südündən hazırlanmış kumıs. Şubata söz yox idi, sərin, köpüklü, bir az da xumarlı… Vaqonla gələn yol-təmir briqadasından bəziləri bu şubatın lap ölüsü idilər. Onlar buna Sarı-Özək pivəsi deyirdilər. Bu evdən araq da çıxdı. Boranlı Yedigey, yeri gələndə, məclisdən kənara çəkilməz, başqaları ilə bahəm içərdi.

Amma bu dəfə imtina elədi, bununla da, zəndinə görə başqalarına bildirmək istədi ki, indi belə şeyə həvəs göstərmək yaramaz, bəs sabah qabaqda uzaq, çətin yol var.

Yedigeyi narahat eləyən bir də o idi ki, qonaqlar, xüsusilə Sabitcan araqdan vurub üstündən şubat içirdilər. Şubatla araq cüt qoşulmuş köhlən at kimi bir-birinə yaraşır, adamı yaman kefləndirir. Bunun heç yeri deyildi. Yekə kişilərə necə deyəsən, içmə?! Özləri gərək həddini bilsinlər. Yedigeyə az-çox təskinlik verən Ayzadənin əyyaş ərinin araq içməməsi idi. O ancaq şubat içirdi. Görünür, başa düşürdü ki, qayınatasının dəfnində keflənib sərələnmək olmaz. Buna onun nə qədər səbri, iradəsi çatacaqdı, bunu bir Allah bilirdi.

Beləcə oturub, oyandan-buyandan xeyli söhbət elədilər. Uzun qollarını ekskavator çalovu kimi yaxına, uzağa uzadaraq, hamıya vaxtında şubat süzən Ədilbəy boş piyaləni doldurub, stolun o başından Yedigeyə uzada-uzada dedi:

– Yedigey, dünən gecə sizi növbədə əvəz eləyəndə təzəcə getmişdiniz ki, birdən göy elə çatladı ki, yerimdə silkələndim. Baxdım ki, kosmodromdan göyə raket qalxdı. Çox nəhəng şeydi, lap araba oxu kimi, siz də gördünüz?

– Gördün də sözdür! Ağzım açıla qaldı! Gücə bax ey! Odun içində gedir ey! Nə əvvəli var, nə axırı, vahimə basdı məni! Neçə vaxtdı, buradayam, hələ belə şey görməmişdim.

– Elə mən özüm də birinci dəfə gördüm belə şeyi, – deyə Ədilbəy də təsdiq elədi.

– Paho! Əgər sən boyda adam belə şeyləri birinci dəfə görürsə, daha onda bizim danışmağa haqqımız yoxdur, – deyə Sabitcan onun boyuna sataşmaq istədi.

Caydaq Ədilbəy onun sözünə fikir verməyib ötəri qımışdı:

– Mənlik nə var ki, – deyib əlini yellədi. – Baxıram, özüm öz gözlərimə inanmıram, yuxarıda od-alov içində nəhəng bir şey guruldayır! Deyirəm, hə, kimdisə yenə qalxdı kosmosa. Yaxşı yol! Elə o dəqiqə əlimi atdım tranzistora, onu həmişə yanımda gəzdirirəm. Öz-özümə dedim ki, bu saat, yəqin, radioyla xəbər verəcəklər. Axı həmişə göyə bir şey uçan kimi kosmodromdan xəbər verirlər, diktor da sevindiyindən elə danışır ki, elə bil, mitinqdədir. Adamın tükləri biz-biz olur. Düzü, Yedigey, çox istədim ki, uçanın kim olduğunu öyrənim, axı onu gözümlə görmüşdüm, amma bilmədim.

– Neynirdin ki? – deyə Sabitcan hamını qabaqlayıb soruşdu. O, içkinin təsirindən turp kimi qızarıb buğlanırdı.

– Bilmirəm, axır ki bir xəbər vermədilər, çəkib saxladım mayakın dalğasında. Bircə kəlmə də demədilər…

– Ola bilməz, canım! Sən nəsə qarışdırırsan! – Sabitcan yenə də yekəxanalıqla etiraz elədi, tələsik bir qədəh də araq vurub, üstündən şubat içəndən sonra davam etdi, – kosmosa hər uçuş ümumdünya əhəmiyyətli hadisədir… Başa düşürsən? Bu, bizim elm və siyasətimizin şöhrətidir!

– Niyə xəbər vermədilər, bilmirəm, son xəbərlərə də qulaq asdım radioda, qəzetlərin xülasəsinə də…

– Hım, – Sabitcan başını buladı, – mən öz yerimdə, işimdə olsaydım, hər şeyi bilərdim! Heyif, lənət şeytana! Bəlkə də, burada başqa bir iş var?

– Əşi, indi biz orasını nə bilək? Amma elə ürəyimə dammışdı ki, vallah! – deyə Ədilbəy səmimiyyətlə boynuna aldı. – O kosmonavt, elə bil, mənim özümünküydü. Gözümün qabağında uçdu. Deyirdim, bəlkə, lap bizim uşaqlardandır. Ay sevinərdik ha! Bir də gördün, iş elə gətirdi ki, görüşdün də, yaxşı olardı…

Sabitcanın ağlına nə gəldisə, tələsik Ədilbəyin sözünü kəsdi:

– Hə-ə! Başa düşdüm! Görünür, adamsız gəmiymiş. Təcrübə məqsədilə buraxıblar.

Ədilbəy ona əyri-əyri baxdı:

– Necə yəni adamsız?!

– Təcrübə variantıdır, başa düşürsənmi, eksperimentdir! Yoxlayırlar, pilotsuz nəqliyyat gəmisidir, kosmik gəmiylə birləşməyə gedir. Hələ məlum deyil ki, bu təcrübədən nə çıxacaq. Əgər hər şey yaxşı, uğurlu olsa, onda radio ilə xəbər verəcəklər, lap qəzetlərdə yazacaqlar. İstənilən nəticəni verməsə, onda heç bir xəbər verməyəcəklər. Elə elmi təcrübə olaraq da qalacaq.

Ədilbəy təəssüflə alnını ovuşdurdu:

– Eh, mən də sevincək olmuşam ki, kosmosa canlı adamın uçmağını görmüşəm.

Sabitcanın bu izahından hamı pərt idi. Buna görə də susdular. Söz-söhbət, görünür, elə bununla tamama yetəcəkdi, amma Yedigey özü də bilmədən təzədən söhbəti tərpətdi:

– İgidlər, deməli, belə çıxır ki, kosmik gəmi orbitə çıxıb, özü də adamsız, bəs onu kim idarə eləyir?

– Necə yəni kim?! – deyə Sabitcan əllərini yellədi və qalib nəzərlərlə avam Yedigeyə baxdı. – Yedigey, orada hər şey radio ilə idarə olunur. Yerdən, mərkəzdən, idarəetmə sistemindən komanda verilir. Hər şey radio ilə idarə olunur. Başa düşürsən? Lap kosmik gəmidə adam olmuş olsa belə, raketin uçuşu radio ilə idarə olunur. Əgər kosmonavt bir şey eləmək istəsə, gərək, icazə alsın… Koketay[1 - Nəvazişlə deyilən müraciət sözü olsa da, bir az istehza mənası verir], əzizim, bu, səninçün Qaranər deyil ki, minib Sarı-Özək çöllərində sürəsən. Orada məsələ çox mürəkkəbdir, çox…

– Belə de… – Yedigey özündən asılı olmayaraq təəccübləndi.

Boranlı Yedigey üçün radio ilə idarə etmək sisteminin özü anlaşılmaz bir şey idi. Onun başa düşdüyünə görə radio uzaq məsafədən efirdə eşidilən söz və səslərdən ibarət idi.

Axı cansız bir şeyi radio ilə necə idarə etmək olar? Əgər gəminin içində adam varsa, bu, başqa məsələ: ona necə göstəriş verərlərsə, elə də eləyər bunu belə-elə, filanı da elə. Yedigey onu düşündürən bu şeyləri soruşmaq istəsə də, amma üz vurmadı, fikirləşdi ki, dəyməz. Nəsə ürəyi heç cür barışa bilmirdi. Ona görə də susdu. Çünki Sabitcan bildiklərini güzəştli bir əda ilə danışırdı. Yəni ki, öz başınız heç nədən çıxmaya-çıxmaya məni avara hesab eləyirsiniz, hələ, üstəlik, o əyyaş yeznəm də hücum çəkib məni boğmaq istəyirdi, amma görürsüz belə şeyləri mən hamınızdan yaxşı bilirəm. “Gözümüz aydın, Yedigey fikirləşdi. Səni havayı yerə oxutmamışıq ki! Gərək, bizim kimi kəmsavadlardan artıq bir şey biləsən, ya yox?!” Boranlı Yedigey bunu da fikirləşdi ki: beləsini rəhbər vəzifəyə irəli çəksələr, hamını qırıb çatar, tabeçiliyində olanların hamısını məcbur edər ki, əllaməlik eləsinlər, eləməsələr, salar gözümçıxdıya. Özü hələ əl buyruqçusudur, amma çalışır ki, heç olmazsa, bu Sarı-Özəkdəsə hamı ağzını açıb ona tamaşa eləsin…

Sabitcan, elə bil, doğrudan da, boranlıları mat qoyub çaşbaş salmaq fikrində idi, təki bacısı və yeznəsilə aralarında baş vermiş rüsvayçılıqdan sonra boranlıların nəzərində qiymətini qaldıra bilsin. Buna görə dünyada baş vermiş ağlagəlməz möcüzələrdən və elmi nailiyyətlərdən danışmağa başladı, hər dəfə də araqdan vurub, şubatla məzələndikcə qızışır, elə şeylər danışırdı ki, yazıq boranlılar, doğrudan da, çaş-baş qalırdılar, bilmirdilər ki, nəyə inansınlar, nəyə yox…

– Siz bir özünüz ağlınıza vurun, – o, gözlüyünü parıldadaraq hamını kamına çəkirmiş kimi, odlu baxışlarla süzürdü, – əslinə qalsa, biz bəşər tarixinin ən xoşbəxt adamlarıyıq. Bax, Yedigey, bizim aramızda ən ağsaqqalı sənsən. Sən, Yedigey, yaxşı bilirsən ki, əvvəllər necə idi, indi necədir! Bunu nəyə görə deyirəm? Keçmişdə insanlar allahlara inanırdılar. Qədim Yunanıstanda, guya, bu allahlar Olimp dağında yaşayırmışlar, onların nəyi Allah idi?! Sarsağın biriydilər. Əllərindən nə gəlirdi? Bir-biriylə düşmənçilik eləməkdə ad çıxartmışdılar, amma adamların həyatını dəyişə bilmirdilər, heç bu barədə fikirləşmirdilər də… Əslində, bu Allahlar heç yerli-dibli olmayıb, hamısı uydurma miflər, nağıllardır. Bizim Allahımız bambaşqa onlar bizimlə yanaşı yaşayırlar, bax, burada, bizim Sarı-Özək torpağımızda, elə bununla da bütün dünya qabağında fəxr eləyirik! Onları bizlərdən heç birimiz nə görürük, nə də tanıyırıq, bu heç lazım da deyil, qanun da buna yol verməz ki, hər yetən şırkınbay-mırkınbaylar onlara əl verib salam desinlər, bəs kefin-əhvalın necədir? Elə əsl Allah da onlardır! Bax elə sən özün, Yedigey, təəccüblənirsən ki, onlar kosmik gəmini radio ilə necə idarə eləyirlər. Halbuki bu heç nədir, keçmiş əhvalatdır! O maşınlar, aparatlar proqram üzrə idarə olunur. Gün gələcək ki, adamlar da radio ilə idarə olunacaq, bu indiki avtomatlar kimi. Başa düşürsünüzmü adamlar, uşaqlardan tutmuş böyüyə kimi, hamı. Artıq bunun üçün elmi əsaslar var. Elm ali mənafe naminə buna da nail olmuşdur.

– Dayan bir görüm, elə tutub ki, ali mənafe naminə, ali mənafe naminə! – Caydaq Ədilbəy onun sözünü kəsdi.

– Sən məni bir əməlli başa sal, nəsə yaxşı başa düşmürəm.

Belə çıxır ki, bizlərdən hər birimiz yanımızda tranzistorsayaq kiçik bir radioqəbuledici gəzdirməliyik, verilən əmrləri eşitmək üçün? Bu, indi hər yerdə var ki?

– Ay məzən olsun! Məgər söhbət bundan gedir? O, boş şeydir, uşaq oyuncağıdır! Heç kim heç nə gəzdirməyəcək. İstəsən, lap lüt-üryan gəz, dolan. Amma gözə görünməyən radio dalğaları biotik adlanan şey daim sənə və sənin şüuruna təsir edəcək.

– Belə de!

– Bəs sən nə bilmişdin! İnsan ancaq mərkəzdən verilən proqram əsasında iş görəcək. Ona elə gələcək ki, guya, sərbəstcə, azad gəzib-dolanır, özü bildiyi kimi, əslində isə, lap nəfəsi də yuxarıdan verilən göstərişə əsasən alır. Hamısı da ciddi qayda üzrə. İstəyir ki, oxuyasan siqnal verəcək, oxuyacaqsan. Oynamağın lazımdır siqnal oynayacaqsan. İşləməyin lazımdır işləyəcəksən, özü də necə işləyəcəksən! Oğurluq, əyrilik, xuliqanlıq, cinayət hamısı unudulub gedəcək, belə şeylər haqqında ancaq köhnə kitabları oxumaq lazım gələcək. Ona görə ki, insan davranışında hər şey nəzərə alınacaq bütün əməlləri, fikirləri, bütün arzuları. Məsələn, deyək ki, bu saat dünya demoqrafik fəlakət qarşısındadır, yəni o qədər doğub-törəyiblər ki, yedizdirmək olmur, ərzaq çatmır. Neyləmək lazımdır? Doğum azaldılmalıdır. Arvadına o vaxt yaxın duracaqsan ki, nə vaxt siqnal verəcəklər, cəmiyyətin mənafeyi naminə…

– Ali mənafeyi? – deyə Caydaq Ədilbəy rişxəndlə düzəliş verdi.

– Tamamilə doğrudur, dövlət mənafeyi hər şeydən üstündür.

– Birdən mən mənafesiz-zadsız istədim ki, arvadla, necə deyim, bir balaca o söz, onda necə?

– Əzizim, Ədilbəy, heç nə çıxmayacaq. Belə şey heç ağlına gəlməyəcək. İstəyir, lap dünya gözəli göstərsinlər heç gözünün ucuyla da baxmayacaqsan. Ona görə ki, sənə bunun əks biotoklarını qoşacaqlar. Belə-belə şeylərin də haqq-hesabını çəkəcəklər. Arxayın ol! Ya da elə hərbi işi götürək. Orada da hər şey komanda ilə olacaq. Oda atıl – atılacaqsan, paraşütlə atlan – göz qırpmayacaqsan, atom minasıyla tankın altına gir, partlat – gözüm üstə, bir göz qırpımında. Soruşsaz ki, niyə belə? Ona görə ki, qorxmazlıq biotokları verilib – vəssalam, deməli, adamda heç bir qorxu-filan olmayacaq… Bax, belə!..

– Ay gopçusan ha! Ay boşboğaz, gör neçə il oxumusan, başına ağıl qoyan olmayıb! – deyə Ədilbəy səmimiyyətlə öz təəccübünü bildirdi.

Oturanlar açıqca qımışıb gülürdülər, yerlərində qurcuxur, başlarını bulayırdılar, yəni yamanca yaxır, amma qulaq asırdılar – gopçuluğuna gopçudur, amma maraqlı, eşidilməmiş şeylər danışır, qoy danışsın, hamı bilirdi ki, araq onu götürüb, əməllicə dəmlənib, şubatla qurtum-qurtum gillətdiyi araq öz işini görüb, qoy nə çərənləyir, çərənləsin, qulağı ağzının dediyinə cavabdeh deyil, haradasa nəsə eşidib, nəyin yalan, nəyin doğru olduğunu haradan biləsən?.. Yedigeyi birdən əməlli-başlı qorxu basdı: “Bizim bu boşboğaz heç də boş yerə çərənləyib qırıldamır, – o, narahatlıqla düşündü, – o, bunu haradasa oxuyub, ya da qulaqucu eşidib, axı bir bəd xəbər eşidən kimi göydə tutur. Bəlkə, dünyada böyük elm sahibi olan adamlar var ki, bizim üstümüzdə allahlıq eləmək iddiasındadırlar…”

Sabitcan ona qulaq asıldığını görüb, elə hey doğrayıb tökürdü. Eynəyinin tərləmiş şüşələri altında qaranlığa düşmüş pişiyin bəbəkləri kimi onun da bəbəkləri genişlənib qaralmışdı, arağı da qurtumlayıb, şubatla məzələnirdi. İndi də əllərini ölçə-ölçə okeanda Bermud üçbucağı deyilən bir şey barəsində goplamağa başladı, guya, o yerdə gəmilər harasa qeyb olur, bu yerdən uçan təyyarələr əlli-ayaqlı yoxa çıxır.

– Bax, bizim vilayətdə birisi xaricə getmək üçün özünü lap həlak eləyirdi. Guya ki, orada yel əsib, qoz tökülüb! Axır ki istədiyinə çatdı, başqalarını sıxışdırıb, uçdu okeanın o tayındakı Uruqvaydı, Paraqvaydı-nədi, ora. Elə o gedən getdi. Bermud üçbucağının üstündən keçəndə təyyarə əlli-ayaqlı yoxa çıxıb! Buna görə də, dostlar, axı nəyə görə kimdənsə xahiş eləyib icazə almalıyıq, kimisə sıxışdırıb kənara atmalıyıq, biz elə Bermud üçbucağı olmasa da keçinərik, öz doğma torpağımızdaca cansağlığı ilə yaşasaq, bəsimizdir. Gəlin öz sağlığımıza içək!

“Yenə də başlandı, – deyə Yedigey özlüyündə söyləndi. – Bu saat öz məşhur kəlamını deyəcək. Başa bəladır. Dilinə dəyən kimi kələfin ucunu itirir!” Necə demişdi, elə də oldu.

– Öz sağlığımıza içək! – deyə Sabitcan təkrar edib, süzülən bulanıq gözlərlə oturanlara baxır, imkanı çatdıqca üzünə ciddi, mənalı görkəm verməyə çalışırdı. Bizim sağlığımız ölkənin ən qiymətli sərvətidir. Deməli, bizim sağlığımız dövlət əhəmiyyətli bir sərvətdir. Bəli, bəli! Biz elə də, sən deyən, sadə adamlar deyilik, dövlət adamlarıyıq! Bir də onu demək istəyirəm ki…

Boranlı Yedigey onun tostunun ardını gözləməyib yerindən dik durub evdən çıxdı. Qaranlıq artırmada nəyə isə ilişib taqqıltı-şappıltı saldı, görünür, ayağı boş vedrəyə, ya da başqa nəyəsə toxunmuşdu. Tələm-tələsik açıq havada qalıb soyumuş kirz çəkmələrini geydi, dilxor və əsəbi halda evlərinə yollandı. “Yazıq Qazanqap! – deyə bığlarını gəmirərək sakitcə öz içində inlədi. Belə də şey olar, nə ölü qanır, nə diri, nə dərd, nə azar!.. Oturub vurur özüyçün, elə bil, qonaqlığa gəlib, heç vecinə deyil! Heç dəxli var deynən, söz tapıb dövlət sağlığı, hər dəfə də içəndə bu oyunu açır başımıza. Allahın köməyilə sabah işi halal-hümmətlə başa vuraq, üçünü verən kimi rədd olub getsin başımızdan, bir də üzünü heç görməyək, kimin nəyinə dərmandır?!”

Amma Caydaq Ədilbəyin evində, sən demə, əməlli-başlıca oturubmuşlar. Gecəni yarı eləmişdilər. Yedigey Sarı-Özək gecəsinin ayazımış havasından sinədolusu ciyərlərinə çəkdi. Sabah havanın da həmişəki kimi aydın, yağmursuz və kifayət qədər isti olacağı gözlənilirdi. Həmişə belədir. Gündüzü isti, gecəsi soyuq, adama titrətmə gəlir. Buna görə də bütün çöllük quraqlıq içindədir bitkilər heç cürə uyğunlaşa bilmir. Gündüz istidə günəşə boylanır, qəddini düzəldir, su istəyir, gecələr də ayaz vurur. Bu səbəbdən də ancaq dözümlüsü baş saxlayır, cürbəcür tikan kolları, çoxlu yovşan, bir də ki yarğan ağzında adda-budda əmələ gələn qarışıq növlü otlar olur ki, bunları da qışa ehtiyat düzəltmək üçün biçirlər. Boranlı Yedigeyin köhnə dostu geoloq Yelizarov bəzən buranı keçmiş nağıl kimi təsvir edib deyirdi ki, buralar nə vaxtsa zəngin ot-ələfi olan otlaq yerləri olubmuş, iqlimi də tamam bambaşqaymış, yağışlar da indikindən azı üç dəfə çox yağarmış, söz yox ki, güzəran da bambaşqa imiş. Sarı-Özəkdə naxırlar, ilxılar, sürülər gəzib… Yəqin, bunlar lap keçmişlərdə olub, bəlkə də, qəddar yadelli tayfa olan juanjuanların buraları tutduqları vaxtlardan da qabaq olub, indi onların heç izi-tozu da qalmayıb tarixdə, təkcə qulaqlarda sədaları qalıb. Yoxsa bu qədər adam Sarı-Özəyə necə yerləşib dolana bilərdi? Yelizarov havayı yerə demirdi ki, Sarı-Özək çöllülərin tarixində unudulmuş bir kitabdır… O, belə hesab eləyirdi ki, heç Ana-Beyit qəbiristanlığı haqqındakı söhbətlər də təsadüfi deyil. Bəzi üzdəniraq alimlər ancaq kağızda yazılanlara tarix deyirlər. Bəs o vaxt hələ kitab-filan yazılmayıbsa, onda necə olsun?

Yedigey razyezddən keçən qatarların səsini dinlədikcə qəribə bir oxşarlıqla müharibədən əvvəl sahilində doğulub yaşadığı Aral dənizinin fırtınalı günlərini xatırladı. Axı Qazanqapın özü də oralı, Aral qazaxlarındandı. Elə buna görə də dəmiryolunda işə gələndə bir yerli kimi tapışıb dost olmuşdular. Sarı-Özəkdə də doğma mənzillərinin xiffətini eləmişdilər, ölümündən bir az əvvəl yazqabağı Qazanqapla birlikdə Arala getmişdilər, sən demə, qoca Aralla halallaşmağa, vidalaşmağa gəlibmiş. Kaş heç getməyəydilər, tamam qanqaralığı oldu. Sən demə, dənizin suyu çəkilir, Aral quruyub əriyir. Sahilə çatanacan əvvəllər su olan, indi isə boş gilli torpaqlardan ibarət yerlərlə on kilometrlərlə yol getməli olmuşdular. Bax, elə buradaca Qazanqap demişdi: “Dünya yaranandan Aral da yaranıb, indi də quruyub yox olur, onda qalmışdı ki, insan ömrü olsun”. Qoca onda bir söz də dedi: “Sən məni Ana-Beyitdə basdırarsan, Yedigey!..”

Boranlı Yedigey əlinin arxasıyla gözünə dolan yaşı sildi, öskürdü ki, boğazının qəhərini təmizləsin və Qazanqapın daxmasına getdi. Yas saxlayan arvadlar, Ayzadə, Ukubala və o biri arvadlar hamısı burdaydı. Boranlı arvadlarından kimin əli boşa çıxırdısa, gəlirdi bura ki, həm bir yerdə olsunlar, həm də, bəlkə, bir köməkdən-zaddan lazım oldu.

Ağılın yanından ötəndə Yedigey yerə basdırılmış dirəyin yanında bir anlığa ayaq saxladı, qotazlı tərliklə alıxlanıb bəzədilmiş Qaranər bura bağlanmışdı. Ayın süd işığında dəvə fil kimi nəhəng, sakit və qüdrətli görünürdü. Yedigey özünü saxlaya bilməyib heyvanın böyrünü şappıldadıb dedi:

– Ay maşallah!

Elə daxmanın girəcəyində özü də bilmədən, nədənsə, dünənki gecəni xatırladı. Qar tülküsünün dəmir yola yaxınlaşmağını, onu vurmağa cürət eləməyib daşı yerə atmağını, sonra da evə gedəndə uzaq kosmodromdan göyün ənginliklərinə od-alov içində start götürən kosmik gəmini yadına saldı…




III


Elə bu anda Sakit okeanın şimal en dairələrində səhər idi, səhər saat səkkizə işləmişdi. Gözqamaşdırıcı günəşli hava sonsuz işıq seli kimi bu intəhasız və ilğımlı sükunət üzərində yayılmışdı. İndi bu hüdudda sudan və göydən başqa heç nə yox idi. Məhz elə burada, təyyarədaşıyan “Konvensiya” gəmisində, gəmidəkilərdən başqa dünyada heç kimə məlum olmayan, kosmosun mənimsənilməsində hələ görünməmiş, eşidilməmiş, Amerika-Sovet “Paritet” orbital stansiyasında baş vermiş əhvalatla əlaqədar olaraq, dünya əhəmiyyəti kəsb edən bir dramatik hadisə üz vermişdi.

“Demiurq” adı verilmiş birgə planetoloji proqramı idarə edən Biridamərkin elmi-strateji qərargahı olan “Konvensiya” təyyarədaşıyan gəmisi bu səbəbə görə bütün dünya ilə hər cür əlaqəni bilatəxir kəsməyinə baxmayaraq, Sakit okeandakı Aleut adalarının cənubunda olan daimi yerini dəyişmədi, əksinə, Vladivostokla San-Fransisko arasında hava yolunun tən ortasındakı mövqeyini daha da dəqiqləşdirdi. Elmi gəminin özündə də bəzi dəyişikliklər oldu. Belə ki, birgə proqramın Amerika və Sovet Baş Müştərək Rəhbərliyinin göstərişinə əsasən, kosmik əlaqə bloklarından, “Paritet də baş vermiş fövqəladə hadisə ilə əlaqədar məlumatı qəbul etmiş növbətçi operatorların bir sovet, bir də amerikalı, hər ikisi, bu məlumatların kənara yayılmağının qarşısını almaq məqsədilə, müvəqqəti olsa da, ciddi nəzarət altına alındı…

“Konvensiya”nın heç bir hərbi məqsəd daşımadığına və xüsusilə üstündə heç bir silah gəzdirmədiyinə, yalnız BMT-nin xüsusi qərarına əsasən, beynəlxalq toxunulmazlıq statusuna malik olduğuna baxmayaraq, gəmi heyətində yüksək hazırlıq vəziyyəti elan edildi.

Gündüz saat on bir üçün beş dəqiqəlik fasilə ilə “Konvensiya”ya hər iki tərəfdən məsul komissiya gəlməli idi. Onların öz ölkələrinin, eləcə də dünyanın təhlükəsizliyi naminə təcili qərar çıxarmaq və əməli tədbirlər görmək üçün qeydsiz-şərtsiz hüquq və fövqəladə səlahiyyəti vardı.

Beləliklə, “Konvensiya” təyyarədaşıyan gəmisi açıq okeanda Aleut adalarının cənubunda, Vladivostokla San-Fransisko arasında məsafənin tən ortasında dayanmışdı. Bu yer təsadüfən seçilməmişdi. Əvvəllər heç vaxt təsadüf edilməyən bir dəqiqliklə bu dəfə “Demiurq”un yaradıcıları gəminin lövbər saldığı yeri də əvvəlcədən müəyyən etmişdilər, bu da belə nadir beynəlxalq elmi-texniki əməkdaşlığın tam bərabərlik prinsipini əks etdirirdi.

“Konvensiya” təyyarədaşıyan gəmisi bütün avadanlığı, təchizatı, enerji ehtiyatı ilə birlikdə hər iki ölkənin bərabər dərəcədə şərikli malı, yəni pay vermiş ölkələrin kooperativ gəmisi idi. Onun birbaşa, həm də eyni vaxtda fəaliyyət göstərən Sarı-Özək və Nevada kosmodromlarıyla radio-telefon və televiziya əlaqəsi vardı. Təyyarədaşıyanda cəmi səkkiz, hər ölkədən dörd reaktiv təyyarə vardı, bu təyyarələrdən daimi yük və adam daşımaları, eləcə də Biridamərkin qitələrlə əlaqəsi üçün istifadə edilirdi. “Konvensiya”da iki paritet-kapitan vardı: sovet və amerikalı paritet-kapitan 1-2 və paritet-kapitan 2-1 onların hər biri öz iş növbəsində əsas simaydı. Gəmidəki bütün ekipajın bu qayda üzrə dublyoru vardı paritet-kapitanların köməkçiləri, şturmanlar, matroslar, xidmətçilər…

Biridamərkin “Konvensiya”dakı elmi-texniki əməkdaşlarının tərkibi də bu sistem üzrə qurulmuşdu. Hər iki tərəfdən proqramın birgə baş rəhbərliyindən tutmuş Baş paritet planetoloq 1-2, 2-1 sistemi üzrə fəaliyyət göstərməklə, yerdə qalan elmi işçilər və qalan mütəxəssislərin hamısının eyni qayda ilə dublyorları olduğu üçün hər iki tərəfin bərabər sayda adamı vardı. Elə buna görə də indiyə qədər təsadüf edilən orbitlərdən Yer kürəsindən ən uzağı olan “Tramplin” orbitindəki stansiyanın adını “Paritet”, yəni bərabərlik qoymuşdular ki, öz adıyla yerdəki münasibətləri əks etdirsin.

Söz yox ki, bütün bu məsələlərdən əvvəl hər iki tərəfin elmi, diplomatik, inzibati idarələri böyük və müxtəlif hazırlıq işləri aparmışdı. “Demiurq” proqramındakı bütün ümumi və xüsusi məsələlərin razılaşdırılması üçün hər iki tərəf uzun illər ərzində saysız-hesabsız görüşlər və müşavirələr keçirməli olmuşdu.

“Demiurq” proqramı insan təsəvvürünə sığmayan bir daxili enerjiyə malik olan mineraldan istifadə məqsədilə İks planetini və həmin mineralın planetdəki ehtiyatını öyrənmək kimi əsrin ən möhtəşəm kosmoloji məsələsini qarşıya qoyurdu. Planetin üz təbəqələrində, demək olar ki, açıq laylar şəklində yatan süxurun yüz tonundan, müvafiq şəkildə işlənəndən sonra o qədər daxili enerji əldə etmək olardı ki, o, başqa enerjiyə çevrildikdə bütün Avropanın birillik istilik və elektrik enerjisini ödəyərdi. Bir çox milyard illər ərzində davam edən uzunmüddətli planetar təkamülün təsiri altında Qalaktikada yaranmış xüsusi şərait nəticəsində İks planeti materiyasının energetik xüsusiyyəti belə idi. Bunu dəfələrlə kosmik cihazlar vasitəsilə İksin səthindən alınmış süxur nümunələri, eləcə də bizim Günəş sisteminin bu qırmızı planetinə edilən qısamüddətli səfərlər təsdiq edirdi.

İksin mənimsənilməsinin xeyrinə bir də o amil həlledici rol oynayırdı ki, ilk nəzərdə boş səhra təsiri bağışlayan bu planetin dərinliklərində elmə məlum olan başqa planetlərin hamısından fərqli olaraq, Ay və Venera da daxil olmaq şərtilə su vardı. İksdə həqiqətən su olduğunu aparılan qazıma işləri də təsdiq edirdi. Alimlərin hesablamalarına görə, İksin səthi altında bir neçə kilometr qalınlığı olan su qatı ola bilərdi, fərziyyəyə görə bu su yatağını sabit vəziyyətdə saxlayan soyuq daş süxurları idi.

“Demiurq” proqramının reallığını təmin edən amil də məhz İks planetində belə böyük su ehtiyatının olması idi.

Bu məsələdə su təkcə maye mənbəyi kimi qalmırdı, o eyni zamanda yad planet şəraitində insan həyatı və onun orqanizminin normal fəaliyyətini təmin etməyə, hər şeydən əvvəl, tənəffüs üçün hava istehsal etməyə vacib olan başqa elementlərin sintezində başlanğıc maddəsi idi. Bundan başqa, su, istehsal baxımından İks süxurunun transkosmik konteynerlərə yüklənməmişdən ilkin süzülüb təmizlənmə texnolojisində əsas rol oynayırdı.

İks enerjisinin harada istehsal olunması məsələsi də müzakirə edilirdi: sonradan geosinxron orbitlər vasitəsilə Yerə verilmək üçün kosmosdakı orbital stansiyalarda, ya bilavasitə Yerin özündə? Hələ belə məsələlərin həlli üçün vaxt vardı.

İksdə uzun müddət qalmaq üçün qazmaçılardan və hidroloqlardan ibarət ekspedisiya hazırlanırdı, onlar İksin dərinliklərindən çıxarılan suyun şəbəkədə avtomat qurğularla idarə edilən daimi axınını təmin etməliydi. Alpinistlərin terminlərindən istifadə etmiş olsaq, “Paritet” orbital stansiyası İksin yolunda əsas baza düşərgəsiydi. İkslə “Paritet” arasında işləməli olan nəqliyyat gəmilərinin yüklənib-boşalması üçün lazım olan yanalma qurğuları artıq hazır idi. Bir azdan, “Paritet”də əlavə bloklar düzəldiləndən sonra, Yerdən televiziya verilişlərinin qəbulu da daxil olmaqla, burada ən gözəl şəraitdə yüzdən artıq adam yaşaya bilərdi…

Bu böyük kosmik əməliyyatda İks planetindəki suyun istehsalı və təhlili insanın öz planetindən kənar indiyə qədər keçirdiyi ilk istehsalat fəaliyyəti ola bilərdi…

O gün yaxınlaşırdı. Bütün işlər buna dəlalət edirdi…

Sarı-Özək və Nevada kosmodromlarında İksdə hidrotexniki əməliyyat aparılması üçün sonuncu hazırlıq işləri qurtarmaq üzrəydi. “Tramplin” orbitində olan “Paritet” ilk kosmik “xamtorpaqlılarının” işçi dəstəsini qəbul edib, İksə yola salmağa hazırdır.

Mahiyyət etibarilə, müasir bəşəriyyət özünün Yerdənkənar sivilizasiyasının astanasında dayanmışdı…

Məhz belə bir anda, hidroloqların birinci dəstəsinin İksə göndərilməsi ərəfəsində “Tramplin” orbitindəki “Paritet”də uzunmüddətli kosmik növbədə olan iki paritet-kosmonavt yerli-dibli yoxa çıxmışdı…

Onlar, nədənsə, göndərilən siqnalların heç birinə cavab vermirdilər – nə müəyyən edilmiş vaxtdakı rabitə seanslarına, nə də başqa vaxtlarda verilən siqnallara. Bu, çox ağır təəssürat yaratmışdı – stansiyanın yerini müntəzəm olaraq qeyd edən göstərici cihazlardan və onun hərəkətini dəqiqləşdirən kanaldan başqa, radiotelevizion rabitənin bütün qalan sistemləri işləmirdi.

Vaxt gedirdi. “Paritet” heç bir müraciətə hay vermirdi. “Konvensiya”da narahatlıq getdikcə artırdı. Görəsən, paritet-kosmonavtlara nə olub? Onlar nə səbəbə susurlar? Bəlkə, xəstələniblər, bəlkə, xarab olmuş bir şey yeyib zəhərləniblər? Və ümumiyyətlə, sağdırlarmı?

Nəhayət, sonuncu vasitəyə əl atıldı – stansiyada ümumi yanğın həyəcanı siqnalının işə salınması barədə xüsusi radio əmri göndərildi. Bu qorxuducu hərəkətə də heç bir cavab verilmədi.

“Demiurq” proqramı ciddi təhlükə altında idi. Onda “Konvensiya”dakı Biridamərk vəziyyəti aydınlaşdırmaq üçün özünün son imkanına əl atdı. “Paritet”lə birləşmək üçün təcili olaraq Nevada, Sarı-Özək kosmodromlarından iki kosmik gəmi buraxıldı.

Öz-özlüyündə son dərəcə çətin bir iş olan sinxron birləşmə başa çatandan sonra “Paritet”ə daxil olmuş nəzarətçi-kosmonavtlardan alınan ilk məlumat sarsıdıcı təsir bağışladı.

Onlar bütün bölmələri, bütün laboratoriyaları, bütün mərtəbələri, lap son künc-bucağacan hər yeri yoxlayandan sonra xəbər verdilər ki, paritet-kosmonavtları stansiyanın bortunda tapa bilməyiblər. Onların nə ölüsü vardı, nə dirisi…

Belə şey heç kəsin ağlına gəlməzdi. Heç bir təxəyyülün qüdrəti çatmazdı ki, bunu təsəvvür eləyə bilsin. Üç aydan bəri orbital stansiyada olan, üzərlərinə düşən vəzifəni bu vaxta qədər dəqiq yerinə yetirən iki adam hara yox ola bilərdi! Buxarlanıb yox olmamışdılar ki! Açıq kosmosa çıxa bilməzdilər ki!

“Paritet”in yoxlanılması “Konvensiya”dan birbaşa radiotelevizion rabitə vasitəsilə, hər iki müştərək Baş rəhbərlər – Baş paritet-planetoloqların bilavasitə iştirakı ilə gedirdi. Nəzarətçi-kosmonavtların orbital stansiyanın bölmə və otaqlarını çəkisizlik şəraitində üz-üzə, danışa-danışa necə keçdikləri Biridamərkin ekranlarında yaxşı görünürdü.

Onlar stansiyanı addım-addım yoxlayır, müşahidələri barədə məlumat verirdilər. Bu danışıqlar maqnitofon lentinə yazılırdı:



“PARİTET”: Fikir verirsinizmi? Stansiyada heç kim yoxdur. Biz heç kimi görmürük.

“KONVENSİYA”: Stansiyada sınmış şeyləri, pozuntu, dağıntı izi görürsünüzmü?

“PARİTET”: Yox. Hər şey öz qaydasında, hər şey öz yerindədir.

“KONVENSİYA”: Qan izinə rast gəlməmisiniz?

“PARİTET”: Qətiyyən.

“KONVENSİYA”: Paritet-kosmonavtların şəxsi şeyləri harada və nə vəziyyətdədir?

“PARİTET”: Deyəsən, şeylər öz yerindədir.

“KONVENSİYA”: Yenə də olsun, diqqətlə baxın.

“PARİTET”: Adama belə gəlir ki, onlar, lap bu yaxınlarda burada olublar. Kitablar, saat, valoxutduran, qalan şeylər də yerindədir.

“KONVENSİYA”: Yaxşı. Divarda, ya kağızda yazıdan-filandan yoxdur?

“PARİTET”: Gözümə belə bir şey dəyməyib. Yox, yox, dayanın! Növbə jurnalının açıq səhifəsində nə isə böyük bir yazı var. Çəkisizlik şəraitində üzməsin deyə, qısqaclarla bərkidilib, açıq səhifələri də girişə tərəf çevrilib…

“KONVENSİYA”: Oxuyun, niyə ləngidirsiniz?

“PARİTET”: Başlıq “Yer sakinlərinə məktub”. Mötərizədə izahatnamə.

“KONVENSİYA”: Saxla. Oxumayın. Rabitə seansı dayandırılır. Gözləyin. Bir azdan sizi yenə çağıracağıq. Hazır olun!

“PARİTET”: Okey!

Bu yerdə orbital stansiya ilə Biridamərkin dialoqu dayandırıldı. “Demiurq” proqramının birgə Baş rəhbərləri öz aralarında məsləhətləşdikdən sonra iki paritet-operatordan başqa bütün rabitə heyəti yenidən təzələndi. Paritetkosmonavtların “Tramplin” orbitində qoyduqları mətn bundan ibarət idi:

“Hörmətli kolleqalar (sənətdaşlar), “Paritet” orbital stansiyasını son dərəcə qeyri-adi bir vəziyyətdə tərk etdiyimiz üçün qayıtmağımız misli görünməmiş əməlimizlə bağlı bir sıra amillərdən asılı olacağına, stansiyanı qeyri-müəyyən, bəlkə də, sonsuz bir müddətə tərk etdiyimizə görə, bu hərəkətimizin motivlərini izah etməyi özümüzə vacib vəzifə bildik.

Biz yaxşı başa düşürük ki, hərəkətimiz, şübhəsiz, nəinki gözlənilməz, hətta aydın məsələdir ki, ən adi intizam baxımından belə yolverilməz şeydir. Lakin kosmosdakı orbital stansiyada olduğumuz vaxt üz-üzə gəldiyimiz nadir bir fakt, bəşər mədəniyyəti tarixində misli çətin təsəvvürə gətirilə biləcək bir fakt, heç olmasa, bizi başa düşəcəyinizə ümid verir…

Bir neçə vaxt əvvəl biz, əsasən, ardı-arası kəsilməz səs-küy və maneələrlə dolu olan Yer ionosferasından gələn, kosmik mühitdəki saysız-hesabsız radioimpulsları arasında dar tezlikli zolaqda istiqamətləndirilmiş bir radiosiqnalı qəbul etdik: o ən dar zolaqda olduğu üçün asanlıqla seçilirdi, həmişə eyni vaxtda, eyni fasilələrlə, müntəzəm olaraq səslənirdi. Əvvəlcə biz ona o qədər də diqqət vermirdik. Lakin o, təkidlə səslənməkdə davam edirdi, sistematik olaraq Kainatın eyni nöqtəsindən bizim orbital stansiyaya yönəldilirdi. İndi biz qəti surətdə bilirik: bu süni surətdə səmtləşdirilən radio dalğaları əvvəllər də efirə buraxılırmış, axı il yarımdan artıqdır ki, “Paritet” uzaq kosmosda, “Tramplin” orbitindədir. Kainatdan verilən bu siqnalla ilk dəfə nə üçün məhz bizim maraqlandığımızı izah etmək çətindir, görünür, bu, bir təsadüfdür, hər nə isə, biz bu hadisənin mənşəyini öyrənməyə, müşahidə aparmağa və qeydlər etməyə başladıq, getdikcə daha artıq inanmağa başladıq ki, bu, süni mənşəli bir siqnaldır.

Ancaq biz bu fikirlə o qədər də tez razılaşmadıq. Bütün o müddət ərzində şübhə bizdən əl çəkmirdi. Bizə süni mənşəli görünən Kainat aləminin əsrarəngiz dərinliklərindən gələn bircə radiosiqnalına istinad edərək necə təsdiq edə bilərdik ki, Yerdənkənar sivilizasiya vardır? Bizi bir məsələ düşündürdü, daşındırdı: elmin ən minimal məqsədlə, heç olmasa, qonşu planetlərdə ən bəsit şəkildə də olsa, bir həyat əlaməti tapmaq təşəbbüsü, məlum olduğu kimi, dəfələrlə ümidsizcəsinə nəticəsiz qalmışdı. Yerdənkənar şüurun mövcudiyyətinə güman az idi, daha sonra bunu qeyri-real, hətta utopik bir şey kimi qiymətləndirməyə başlamışdılar, çünki kosmik fazanın tədqiq edilməsi sahəsində atılan hər yeni addım bu şansı hətta nəzəri planda belə azaldırdı, hətta deyə bilərik ki, o, praktiki olaraq sıfıra enmişdi. Fərziyyələrimiz barədə məlumat verməyə cürət eləmirdik. Biz yeganə misilsiz vahid bioloji fenomen olan canlı həyatın yalnız Yer planetində mövcud olduğu barədə hər tərəfdə qəbul edilmiş fikri şübhə altına almaq qəsdində deyildik. Bu sahədəki şübhələrimizi başqalarına danışmağı özümüzə borc saymırdıq, çünki bu cür müşahidələr orbital stansiyada üzərimizə düşən vəzifəyə daxil deyildi.

Kainatda Yerdənkənar şüurlu həyatın olduğunu sübut edən bir hadisə baş verəndən sonra artıq bizim üçün gec idi. Şüurumuzda sıçrayış əmələ gəldi, Kainat quruluşu haqqındakı təsəvvürlərimiz dəyişdi və birdən bizə agah oldu ki, əvvəlkindən fərqli olaraq, tamamilə başqa kateqoriyalarla düşünürük. Kainat quruluşunun keyfiyyətcə yeni dərki, yaşayışa olan yeni mövqeyinin kəşfi, yeni və qüdrətli bir şüur enerjisi ocağının mövcud olması bizi belə bir qənaətə gətirdi ki, Yer haqqında yeni qayğı anlayışından çıxış edərək, biz yeni kəşfimizi müəyyən vaxta qədər Yer sakinlərindən gizli saxlayaq. Biz bu qərara ən müasir cəmiyyətin mənafeyini nəzərə alaraq gəlmişik.

İndi isə məsələnin məğzinə keçək. Hadisə necə baş verdi?

Bir dəfə maraq üçün qərara gəldik ki, həmin tezlik zolağında kainatın həmin sirli və müntəzəm radio impulsları gələn nöqtəsinə konkret məqsədli cavab radiosiqnalı göndərək. Möcüzə baş verdi! Siqnalımız bilatəxir qəbul olundu! O həm tutulmuş, həm də başa düşülmüşdü! Cavab olaraq bizim qəbul zolağında əvvəlki ilə yanaşı bir dubl da işə düşdü, daha sonra biri də – bu salam üçlüyü idi, Kainatdan verilən bu üç sinxron radiosiqnal bir neçə saat davam elədi, onlar bizim qalaktikadan kənarda şüurlu həyatın olması barədə, həm də ağlasığmaz bir uzaqlıqda olsa da, özlərinə bənzər məxluqatla əlaqə yaratmaqda sonsuz yüksək qabiliyyət sahibi olduqlarını bildirən şadlıq marşı kimi özlərilə sevinc xəbəri gətirirdi. Bu, bizim kosmos biologiyası haqdakı təsəvvürümüzdə, zaman quruluşu, məkan, məsafə haqqında anlayışımızda inqilab idi… Doğrudanmı, biz bu dünyada tək deyilik, doğrudanmı, Yer üzündəki insan təcrübəsi kainatda mənəviyyat sahibi olmaq sahəsində müstəsnalıq təşkil etmir?

Rast gəldiyimiz Yerdənkənar sivilizasiyanın real həqiqət olmasını yoxlamaq üçün biz ibtidai yaranışdan başlamış, ta bu günə kimi həyat beşiyimiz olan Yer kürəsinin düsturunu radiosiqnallarla ora göndərdik. Biz cavabında düsturun açılmış şifrini və eyni zamanda onların, təxminən, bizim Yerə bərabər olan planetlərinin kütləsinin düsturunu aldıq.

Biz bundan belə qənaətə gəldik ki, onların yaşadığı planetin ölçüsü kifayət qədər böyükdür, cazibə qüvvəsi də bizim üçün məqbuldur. Beləliklə, biz ilk fiziki qanunlar haqqında fikir mübadiləsi elədik, bu üsulla Yer kürəsindən kənarda ilk dəfə ağıl sahiblərilə təmasda olduq.

Kənar planetdə yaşayanlar əlaqəni dərinləşdirmək, yaxınlaşmaq mənasında çox fəal tərəf-müqabil çıxdılar.

Onların cəhdilə əlaqələrimiz tezliklə yeni-yeni məzmunla daha da zənginləşdi. Bir azdan bizə məlum oldu ki, onlar hərəkəti işıq sürətinə bərabər olan uçan aparatlara malikdirlər. Bunları və bundan başqa şeyləri də biz əvvəlcə riyazi və kimyəvi düsturlar vasitəsilə fikir mübadiləsi aparmaq imkanından istifadə etmək yolu ilə öyrəndik, sonra onlar bizə bildirdilər ki, danışmağı da bacarırlar. Məlum oldu ki, Yer sakinləri Yerin cazibə qüvvəsini yenib kosmosa çıxaraq orada stabil yaşamağa başlayandan sonra onlar neçə ildir ki, Qalaktikanın dərinliyini dinləməyə imkan verən güclü audastronomik aparatların köməyilə bizim dillərimizi də öyrənmişlər. Yerlə kosmos arasında gedən müntəzəm radio danışıqlarını tutaraq bizim sözlərin, cümlələrin mənasını müqayisə və təhlil yolu ilə özləri üçün müəyyənləşdirməyə nail olublar. Onlar fikirlərini bizə ingilis və rus dillərində izah etməyə cəhd göstərəndə biz buna özümüz əmin olduq. Bu, bizim üçün daha bir ağlasığmaz, heyrətamiz kəşf idi…

İndi isə əsas məsələ haqqında. Biz cəsarət edib Yerdənkənar sivilizasiyası olan bu planetə getmək qərarına gəldik. Meşəlidöş – onların planetinin adını özümüz üçün, təxminən, belə müəyyən eləmişik. Meşəlidöşlülər özləri bizi dəvət elədilər, bu, onların ideyasıdır. Biz də ağılla götür-qoy eləyəndən sonra razılığa gəldik. Onlar bizi başa saldılar ki, sürəti işıq sürətinə bərabər olan uçuş aparatları bizim orbital stansiyamıza iyirmi altı-iyirmi yeddi saata çatacaq, meşəlidöşlülər boyun oldular ki, eynilə həmin vaxtda da istəyən kimi bizi geri qaytarsınlar. Kosmik gəmimizlə birləşmək haqqındakı suallarımıza da cavab verdilər, bu, problem deyil, çünki meşəlidöşlülərin aparatlarında elə bir keyfiyyət var ki, şəklindən və konstruksiyasından asılı olmayaraq, istənilən predmetlə hermetik birləşə bilir. Görünür, bu birləşmədə nəsə elektromaqnit xüsusiyyəti var. Biz qərara gəldik ki, onların uçan aparatlarının bizim açıq kosmosa çıxdığımız ağızlıqla birləşməsi yaxşı olar, elə bu yolla orbital stansiyadan olanların yanına keçə bilərdik. Biz elə həmin yolla da geri qayıtmaq niyyətindəyik, əlbəttə, Meşəlidöşə olan səyahətimiz uğurla başa çatarsa…

Beləliklə, biz “Paritet”də öz məktubumuzu deyəkmi, izahatımızı, açıq məktubumuzu, müraciətnaməmizi deyəkmi qoyub gedirik… Söhbət bunun adında deyil… Biz nə elədiyimizi kifayət qədər ayıqlıqla qiymətləndirir, üzərimizə necə ağır məsuliyyət yükü götürdüyümüzü başa düşürük. Onu da başa düşürük ki, bəşəriyyətə belə nadirdən də nadir xidmət göstərmək üçün tale məhz bizə imkan yaratmışdır, biz bundan daha da yüksək bir şey təsəvvürümüzə gətirə bilmirik…

Lakin bizə ən çox əzab verən vəzifə, bağlılıq, borcluluq hissini, ən nəhayət, intizam hissini yenmək idi. O şeyi ki bizim hər birimizdə çoxdanın ənənələri, qanunları və ictimaiyyətin əxlaq normaları tərbiyə edib. Biz “Paritet”i tərk edərkən sizi Biridamərkin rəhbərliyini və ümumiyyətlə, Yer üzündə yaşayanları heç bir şəkildə razılaşdırmamağımızı Yerdəki ictimai həyat qaydalarına etinasızlıq hesab etməyin. Biz buna məcbur idik, çünki təsəvvür etmək çətin deyil ki, xokkey oyununda vurulan hər artıq qolu, az qala, siyasi qələbə hesab edən və öz dövlət quruluşunun üstünlüyü kimi qələmə verən qüvvələr baş qaldırsaydı, necə bir əhvali-ruhiyyə yaranacaqdı, nə kimi ziddiyyətlər, ehtiraslar alovlanacaqdı. Əfsus, biz Yerdəki vəziyyətə çox yaxşı bələdik! Kim zəmanət verə bilər ki, yerdənkənar sivilizasiya ilə əlaqə yaratmaq imkanı Yer sakinlərinin arasında yeni dünya qırğını düşməsinə səbəb olmayacaq?

Yer üzündə siyasi mübarizədən kənarda qalmaq çətindir, bəlkə də, heç mümkün deyil. Ancaq Yer kürəsinin avtomobil çarxı böyüklükdə göründüyü uzaq kosmosda qaldığımız uzun günlər və həftələr ərzində ürək ağrısı və əlacsız təəssüflə fikirləşirik ki, cəmiyyəti çılğınlığa, ümidsizliyə sürükləyən, bəzi ölkələri atom bombasına əl atmağa sövq eləyən indiki enerji böhranı böyük texniki problemlərdən başqa bir şey deyil, bu ölkələrin bir-biri ilə dil tapıb razılığa gəlməsi daha vacib məsələdir…

Biz Yer məxluqatının onsuz da təhlükəli vəziyyətini nəzərə alıb, onu bir daha kəskinləşdirməmək və mürəkkəbləşdirməmək naminə bu misli görünməmiş məsuliyyəti boynumuza götürməyə cəsarət etdik və qərara gəldik ki, Yerdənkənar ağıl sahiblərinin qarşısında bütün bəşər övladı adından çıxış edək. Biz ümid edir və daxili bir inamla duyuruq ki, öhdəmizə düşən bu könüllü vəzifəni layiqincə yerinə yetirəcəyik.

Nəhayət, sonuncu. Düşüncələrimiz, şübhə və tərəddüdlərimizlə yanaşı, fikir çəkirdik ki, “Demiurq” proqramına – bu böyük başlanğıca, bəşəriyyətin geokosmik tarixində uzun illər qarşılıqlı inamsızlıq əzabı çəkmiş ölkələrimizin siyasi “qabarmalar” və “çəkilmələr” şəraitində etdikləri əməkdaşlığın nəticəsinə xələl gəlməsin. Şükür ki, ağıl çətinliklərə qalib gəldi, biz də ümumi işimizə vicdanla, öz gücümüz və qabiliyyətimiz daxilində xidmət eləyirdik. Lakin birini o biriylə müqayisə edib, “Demiurq” proqramını yuxarıda qeyd etdiyimiz səbəblərə görə çətinliklər qarşısında qoymamaq üçün, özümüz qət elədik – biz “Paritet”i müvəqqəti tərk edirik, bu şərtlə ki, qayıdanbaş Meşəlidöş planetinə girməyimizin nəticələri haqqında bəşəriyyətə məlumat verək. Əgər biz birdəfəlik yoxa çıxsaq və ya rəhbərlik bizi “Paritet”də öz işimizə davam etməyə layiq bilməsə, bizi başqaları ilə əvəz eləmək çətin deyil, lazım olsa, elə oğullar tapılar ki, bizdən də yaxşı işləyərlər.

Biz məchul bir yerə gedirik. Bizi ora sövq edən bilik həvəsi, bir də insanın əbədi arzusu başqa aləmlərdə özünə bənzər ağıllı canlılar tapıb, ağılı ağılla qovuşdurmaq istəyidir. Lakin hələ heç kim bilmir, başqa dünyanın sivilizasiya təcrübəsi bəşəriyyətə nə gətirəcək xeyir, ya şər?

Biz çalışacağıq ki, qiymət verməkdə qərəzsiz olaq. Əgər hiss eləsək ki, bu kəşfimizdə bizim Yer üçün nəsə təhlükəli, nəsə dağıdıcı bir şey var, o vaxt biz and içirik ki, Yerə üz verə biləcək fəlakətin qarşısını almaq üçün öz müqəddəratımızı öz bildiyimiz kimi həll edək…

Biz vidalaşırıq. Biz illüminatordan Yerə kənardan baxırıq. Fəzanın qara ənginliklərində o, parlaq brilyant kimi bərq vurur. Yer kürəsi özünün misli görünməmiş, müstəsna maviliyi ilə gözəldir. Buradan körpə başı kimi görünür. Hərçənd ki, bunun Yer üzündə belə olmadığını yaxşı bilirik, amma, nədənsə, buradan bizə elə gəlir ki, dünyada yaşayan bütün adamlar bizim bacı və qardaşlarımızdır, özümüzü onlarsız təsəvvür eləyə bilmirik…

Biz Yer kürəsi ilə vidalaşırıq. Bir neçə saatdan sonra “Tramplin” orbitini tərk edəcəyik, o vaxt Yer gözümüzdən itəcək. Başqa planet sahibləri meşəlidöşlülər artıq yoldadır. Bizim orbitə yaxınlaşırlar. Bir azdan burada olacaqlar. Bir neçə saatdan sonra, lap az qalıb. Gözləyirik.

Biz öz ailələrimizə məktub qoyacağıq. Sizin hamınızdan artıq dərəcədə xahiş eləyirik, kimin bu işə dəxli olsa, məktublarımızı ünvanına çatdırsın…

P.S. Bizim yerimizə “Paritet”ə kim gələcəksə, onlar üçün məlumat. Növbə jurnalında qəbuledici və verici zolaqda radiodalğasının tezliyini qeyd etmişik, biz bu dalğa vasitəsilə başqa planetlilərlə əlaqə yaratmışıq. Lazım olanda bu kanal vasitəsilə sizinlə əlaqə yaradıb məlumat verəcəyik.

Meşəlidöşlülərlə radio əlaqələrimizdən belə başa düşdük ki, ən münasib və yeganə rabitə vasitəsi orbital stansiyadakı sistemdir. Çünki Yer ətrafındakı qalın ionosfer qatı radiodalğaların qarşısını keçilməz sədd kimi kəsir, onları Yer səthinə çatmağa qoymur.

Bax, bu qədər. Əlvida. Daha vaxtdır.

Müraciət mətni bir-birinə müvafiq olaraq iki dildə – ingiliscə və rusca tərtib olunub.

Paritet-kosmonavt 1-2

Paritet-kosmonavt 2-1

“Paritet” orbital stansiyası.

Üçüncü növbə. 94-cü gün”.

Təyin olunmuş dəqiq vaxtda – Uzaq Şərq vaxtilə saat on birdə “Konvensiya” təyyarədaşıyan gəmisinə bir-birinin ardınca iki reaktiv təyyarə endi, bu təyyarələrdə Amerika və sovet tərəfindən xüsusi səlahiyyətləri olan komissiya gəlmişdi.

Komissiyaların üzvləri ciddi rəsmiyyətlə qarşılandılar. Onlara bildirildi ki, nahara yarım saat vaxt verilir. Nahardan sonra komissiyaların üzvləri kayut-kompaniyada toplaşıb “Paritet” orbital stansiyasında baş vermiş fövqəladə vəziyyətlə əlaqədar olaraq, qapalı müşavirə keçirməliydilər.

Amma müşavirə elə təzəcə başlanmışdı ki, qəflətən dayandırıldı. “Paritet”dəki nəzarətçi-kosmonavtlar 1-2 və 2-1 paritet-kosmonavtların qonşu Qalaktikadakı Meşəlidöş planetindən göndərdikləri ilk xəbər barədə “Konvensiya”dakı Biridamərkə məlumat verirdilər.




IV


Bu yerlərdə qatarlar şərqdən qərbə, qərbdən də şərqə gedir…

Dəmiryolunun hər iki tərəfilə Sarı-Özək deyilən ucsuz-bucaqsız boş düzənliklər uzanıb gedir…

Coğrafiyada hər şey Qrinviç meridianından ölçüldüyü kimi, bu yerlərdə də bütün məsafələr dəmir yolu ilə müəyyən edilir.

Qatarlar isə qərbdən şərqə, şərqdən də qərbə gedirdi…


Nə deyirsən de, dədə-baba Nayman qəbiristanlığı Ana-Beyit, hər halda, əl uzatmaqla çatası yer deyil otuz verstlik yolu Sarı-Özəklə çölləmə, kəsəsinə getməlisən, həm də gərək zəndini itirməyəsən.

Boranlı Yedigey o gün tezdən oyandı. Əslində, heç düz-əməlli yatmamışdı da. Sübhə yaxın bir az mürgüləyib gözünün acısını almışdı. Ona qədər isə mərhum Qazanqapın cənazəsini hazırlamışdı. Ümumiyyətlə, adətə görə, bu iş dəfn günü görülməliydi, meyit yerdən götürülməzdən azca əvvəl ölənin evində cənazə qabağında namaza dayanmalıydılar. İndi isə bu işlərin hamısını axşamdan görürlər ki, səhər tezdən ləngimədən yola çıxsınlar. Meyiti yumaq üçün Caydaq Ədilbəyin ilıq su gətirməyi nəzərə alınmazsa, lazım olan işlərin hamısını Yedigey özü eləmişdi.

Ədilbəy meyitə yaxın dura bilmir, eymənirdi. Bir az da xoflanırdı, deyəsən. Yedigey bunu üzə vurmayıb eyhamla dedi:

– Yaxşı bax, Ədilbəy, gör-götür dünyasıdır, lazım olar, bir gün doğulan, bir gün də basdırılmalıdır…



– Hə elədir, başa düşürəm, – deyə Ədilbəy cavab xətrinə kəkələdi.

– Elə mən də onu deyirəm. Sözgəlişi elə deyək ki, sabah mən öldüm. Yəni bir Allah bəndəsi tapılmayacaq ki, məni el adətiylə kəfənə tutsun? El adətiylə dəfn eləsin? Yoxsa, elə aparıb qabağınıza çıxan bir çalaya tullayacaqsınız?

– Ta elə niyə?! – Ədilbəy tutuldu. Əlində tutduğu çırağı meyitə yaxınlaşdırdı ki, ölünü yumağı, kəfənləməyi öyrənsin və:

– Bu yerlər sizsiz olmasın, – dedi, – yaşayın, ömrünüz uzun olsun, çalaya qalsa, çala tapılar.

Meyitin yuyulması saat yarımacan çəkdi. Amma Yedigey öz işindən razı qaldı. O, mərhumu qanun-qaydayla yudu, əl-ayağını düzəldib lazımi qaydada uzatdı, kətana qızırqanmayıb Qazanqapı gen-bol kəfənlədi. Bu arada Ədilbəyə kəfən biçməyin təhərini də göstərdi. Sonra da özünü qaydaya saldı. Üzünü tərtəmiz qırxdı, bığını qayçılayıb düzəltdi. Bığı da qaşları kimi qalın və coduydu. Artıq saçlarına dən düşməyə başlamışdı. Çallaşmışdı. Yedigey əsgərlikdə aldığı orden və medalları, hətta əmək zərbəçisi döş nişanını da silib təmizlədi, pencəyinə sancaqlayıb sabahkı səfər üçün hazırladı.

Gecə belə keçdi. Boranlı Yedigey öz-özünə təəccüb eləyirdi – heç ağlına gəlməzdi ki, bu işləri belə sakit və asanlıqla görə bilər. Görünür, alnına belə yazılıbmış – Qazanqapı dəfn eləmək ona tapşırılıbmış. Bu, taleyin əmriymiş.

Bəli, belə-belə şeylər… Onlar Kumbel stansiyasında ilk dəfə görüşəndə kimin ağlına gələ bilərdi ki, belə olacaq!.. Yedigeyi beyin sarsıntısından sonra ordudan qırx dördün axırında tərxis elədilər. Qıraqdan baxan deyərdi ki, nə var, sağlam adamdır əl-ayağı yerində, başı da üstündə, başı üstündə olmağına üstündəydi, amma, di gəl ki, elə bil, özünün deyildi. Qulaqlarında səs vardı, aramsız külək uğultusu kimi. Bir neçə addım gedən kimi səndələyir, başı hərlənir, ürəyi bulanır, həm də bərk tərləyirdi, onu gah isti, gah da soyuq tər basırdı. Bəzən dili də söz tutmurdu – bir kəlmə kəsmək ona asan başa gəlmirdi. Alman mərmisinin partlayış dalğası onu möhkəmcə sarsıtmışdı. Öldürməyinə öldürməmişdi, amma belə yaşamağın da bir mənası yoxdu. Onda Yedigey tamam ruhdan düşmüşdü. Elə tutaq ki, qayıtdı evlərinə – Aral dənizi sahilinə görkəmcə cavan, sağlam, di gəl ki nə iş görəcək, nəyə yarayacaq? Xoşbəxtlikdən bəxtinə yaxşı həkim çıxmışdı. Əslində, onu heç müalicə də eləmədi, eləcə müayinədən keçirtdi, qulaq asdı, yoxladı, indi də gözünün qabağındadır, əynində ağ xalat, başında həkim papağı, yekəburun, güləşgözlü, zorba kürən bir kişiydi, gülə-gülə onun çiyninə şappıldadıb dedi:

– Görürsən də, qardaş, daha davanın axırına bir şey qalmayıb, yoxsa səni təzədən orduya qaytarardım, hələ bir az da vuruşardın. Daha keçib, sənsiz də qələbəyə çatırıq. Amma sən ürəyini lap buz kimi elə, bircə ildən sonra, bəlkə də, daha tez, hər şey öz qaydasında olacaq, lap kəl kimi sağlam olacaqsan. Bax, mənim bu sözümü yadda saxla, vaxt gələr özün görərsən. İndisə şələ-küləni yığışdır, qayıt dədə-baba yurduna. Özü də heç fikir-zad eləmə. Sənin kimilər yüz il yaşayırlar…

Elə o kürən həkimin dediyi kimi də oldu. Düzdür ey, dildə bircə il deməyə nə var! Bəs hospitaldan necə çıxmışdı? Əynində əzik-üzük şinel, çiynində əsgər torbası…

Ehtiyat üçün qoltuq ağacı da vermişdilər şəhərə çıxanda, elə bil, qalın meşəyə düşdü. Başı uğuldayır, ayaqları əsir, gözləri qaralırdı. Vağzallarda, qatarlarda da ki kimin nə borcuna, camaat qarışqa kimi, zoru çatan dürtür özünü qabağa, səni də itələyir qırağa. Axır ki, birtəhər gətirib özünü çatdırdı. Qərəz ki, bir ay sərgərdanlıqdan sonra qatar gecəykən Aralsk stansiyasında dayandı. “Beş yüz yeddinci kefcil” deyərdilər o “məşhur” qatara, kaş Allah heç vaxt heç kimə belə qatarlarda getməyi qismət eləməsin…

O vaxt beləsinə də şükür eləyirdi. Qaranlıqda vaqondan düşdü. Elə bil, dağdan endi, döyüküb dayandı, göz gözü görmürdü, təkcə adda-budda stansiya işıqlarının işartısı gəlirdi. Küləkli havaydı. Onu qarşılayan da bu külək oldu. Doğma, öz Aralının küləyi idi! Elə bil, üzünə dəniz çiləndi. O vaxtlar dəniz lap yaxındaydı, dəmir yolunun böyründə ləpələnirdi. İndi heç binoklla da görmək olmur…

Nəfəsi darıxdı – çöldən Aral düzlərinin yaz oyanışından xəbər verən yapıxmış yovşan qoxusu gəlirdi. Axır ki yenə də doğma yerlərdədir!





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68336737) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Nəvazişlə deyilən müraciət sözü olsa da, bir az istehza mənası verir



«Çingiz xanın ağ buludu» povesti Çingiz Aytmatovun dünyada әn çox oxunan, әdәbi ictimaiyyәt tәrәfindәn yüksәk qiymәt verilәn «Әsrdәn uzun gün» romanına әlavәdir.

Povestdә totalitar dövlәt marağı, һökmdar һökmü ilә әbәdi bәşәri dәyәrlәr – insan taleyi, adi adamların böyük sevgisi üz-üzә qoyulur. Bu qarşıdurmada sevmәyә vә öz sevgisinin cәzasını çәkmәyә mәһkum olunmuş insanlığın tarixi dәһşәtli bir faciә kimi qavranılır.

Как скачать книгу - "Seçilmiş əsərləri" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Seçilmiş əsərləri" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Seçilmiş əsərləri", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Seçilmiş əsərləri»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Seçilmiş əsərləri" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Видео по теме - İsi Məlikzadə - Seçilmiş əsərləri

Книги автора

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *