Книга - Bencamin Franklin – avtobiografiyası

a
A

Bencamin Franklin – avtobiografiyası
Benjamin Franklin


100-lük ABŞ dollarını və ya onun surətini əlinə gö-türmüş hər bir adam onun şəklini görüb. Bu şərəfə hansı keyfiyyətlərinə görə layiq olduğunu isə bu kitabdan öyrənə bilərsiniz.





Benjamin Franklin

Avtobiografiyası





REDAKTORDAN


Məşhur amerikan ictimai xadimi, dövlət adamı, ixtiraçı və mütəfəkkiri Bencamin Franklin (1706 – 1790) o dərəcədə hərtərəfli insan olub ki, şərait həmişə onun xeyrinə işləyib. Əlverişli şərait belə insanlara məqsədlərinə qısa zamanda nail olmağa imkan verirsə, əlverişsiz şərait onların xarakterinin möhkəmlənməsinə, növbəti cəhdlərini daha böyük səylə və təkidlə həyata keçirmələrinə gətirib çıxarır. Bu baxımdan B.Franklinin həyatı indiki gənclər üçün nümunə ola bilər.

Təəssüf ki, Franklinin avtobioqrafiyası yarımçıq qalmış və yalnız ömrünün 1757-ci ilə qədər olan hissəsini əhatə etmişdir. Lakin onun bu müddətdə belə etdikləri insanı heyrətə gətirir. Onun həyatında baş vermiş hadisələr göstərir ki, iti ağıla malik olan hər bir insan istənilən fəaliyyət növünü mənimsəyə və müvəffəqiyyətlə gerçəkləşdirə bilər.

Avtobioqrafiya tərcümə edilərkən müxtəlif mənbələrdən istifadə edilmiş, Pensilvaniya dövlət universitetinin B.Franklin haqqında materialları ilə tutuşdurulmuşdur.




ÖN SÖZ


«Avtobioqrafiya» Franklinin ən böyük və ən məşhur əsərlərindən biridir; 1771-ci ildə İngiltərədə başlanmış və uzun illər ərzində yazılmışdır. Məktub-larından göründüyü kimi, Franklin «Avtobioqrafiya»-nı ömrünün sonuna kimi yazmaq fikrindəymiş, lakin ictimai-siyasi fəaliyyəti və son illərdə pisləşmiş səhhəti nəzərdə tutulanları həyata keçirməyə mane olmuş-dur. Ona görə də «Avtobioqrafiya» Pensilvaniyanın əyalət məclisinin səlahiyyətli nümayəndəsi kimi göndərilmiş Franklinin Londona gəlib çıxması xəbəri ilə bitir. «Avtobioqrafiya»nın birinci hissəsi oğlu Uilyam Franklinə (Nyu-Cersinin gələcək qubernatoruna) məktub şəklində yazılıb. «Avtobioqrafiya» ilk dəfə Franklinin ölümündən sonra, 1791-ci ildə fransız dilinə tərcümədə nəşr edilmişdir.




I FƏSİL


Əziz oğlum!

Mən əcdadlarım haqqında məlumat toplamağa həmişə maraq göstərmişəm. Səninlə birlikdə İngiltərədə səyahətdə olanda, sağ olan qohumlarımı necə sorğu-suala tutduğumu yəqin ki, xatırlayırsan. Həya-tımın sənə məlum olmayan müxtəlif cəhətlərinin sənin də marağına səbəb olacağını nəzərə alıb, masa arxasına keçir, alacağım ləzzəti hiss edərək yazmağa başlayıram. Məni qələmimi itiləməyə digər səbəblər də vadar edir. Soy kökümün nə varlı, nə tanınmış, özümün ilk illərimin isə kasıbçılıqla keçməsinə baxmayaraq mən həyatda böyük nüfuz sahibi olmağı bacardım və müəyyən mənada məşhurluq qazandım. Uğur məni həyatımın sonrakı dövrlərində də müşayiət etdiyindən, hesab etdim ki, mənim bu qədər müvəffəqiyyəti hansı ilahi qüvvənin köməkliyi ilə qazandığım gələcək nəsillərin də marağına səbəb olacaq. Kim bilir, bəlkə onlar da buna bənzər şəraitdə mənim hərəkətlərimi təqlid edəcəklər.

Mən uğurlarım haqda fikirləşəndə – bunu isə kifayət qədər tez-tez edirəm – hiss edirəm ki, həyatımı təkrarən bu cür yaşamağa etiraz etməzdim. Lakin bircə şərtlə – yazıçılar öz əsərlərinin növbəti nəşrlərinə düzəliş etdiyi kimi mən də həyatımın bir neçə epizodunu, pisini yaxşı ilə əvəz etməklə dəyiş-mək istərdim. Hər halda, bunu edə bilməyəcəyim təqdirdə də, bu həyatı yenidən yaşayardım. Bu cür təkrarı etmək mümkün olmadığından, keçmişi qaytarmağın ən yaxşı yolu xatirələri yenidən canlandırmaqdır. Onların uzun müddət qalması üçün isə ən məqbul variant onları yazı ilə ifadə etməkdir.

Vaxtımı bu cür keçirməklə, müəyyən mənada, mən də özləri və işləri haqqında danışmağı xoşlayan qocalar kimi edirəm. Lakin onlardan fərqli olaraq, heç kimi yaşıma görə mənə qulaq asmağa məcbur etmədən, ləzzətlə işimə başlayıram – yazdıqlarımı oxumaq ya oxumamağı isə oxucularımın ixtiyarına buraxıram. Və, nəhayət etiraf edim ki (bunu inkar etsəydim belə, heç kim inanmayacaqdı), bununla müəyyən dərəcədə öz şöhrətpərəstliyimi də razı salıram. Həqiqətən də, mən «lovğalanmadan deyə bilərəm ki», ifadəsindən sonra bunu deyən adamın özündən müştəbeh bir bəyanat vermədiyinə heç vaxt rast gəlməmişəm.

Özünün nə dərəcədə şöhrətpərəst olmasından asılı olmayaraq, adamların çoxu yaxınlarının müştə-behliyini əsla qəbul etmir; mən isə hesab edirəm ki, şöhrətpərəstlik çox vaxt öz sahibinə, eləcə də bila-vasitə onun ətrafındakılara xeyir gətirir. Bir çox hallarda insanın Tanrıya digər müsbət keyfiyyətlərilə yanaşı öz müştəbehliyinə görə də təşəkkürünü bildir-məsi mənə qəribə görünməzdi.

Yaradan haqda danışanda, tam itaətkarlıqla etiraf etməliyəm ki, indiyə qədərki həyatımda qazandığım rifaha görə ilahi qüvvəyə borcluyam. Mənə uğur gətirən yolda istifadə etdiyim vasitələri məhz Onun köməyi sayəsində almışam. Buna inam mənə ümid verir, lakin mən həmişə arxayın olmamalıyam ki, Onun mərhəməti daim mənim üzərimdə olacaq, mənim xoşbəxtliyimi qoruyacaq və ya taleyin fəlakətli dəyişikliklərinə qarşı mübarizə aparmaq üçün daim mənə qüvvət verəcək; gələcəyin mənə nə vəd etdiyini yalnız bizə, hətta fəlakətlərimizdə də, xeyir-dua verən bilir.

Ailə tarixini öyrənməyə mənim qədər həvəsli olan bir əmimin verdiyi qeydlərə əsasən əcdadlarım haqqında müəyyən məlumatları toplaya bilmişdim. Öyrənmişdim ki, onlar Northemptonşirin Ekton kən-dində azı 300 il yaşayıblar və onların təqribən 30 akrlıq sahələri olub. Bundan əvvəli təyin etmək mənə müyəssər olmadı.

Əlbəttə ki, dəmirçiliklə məşğul olmasaydılar, bu kiçik torpaq sahəsi onları yedizdirə bilməzdi. Bu ənənə mənim əmilərimin vaxtına qədər qorunmuşdu. Adətən ailənin böyük oğlunu dəmirçilik sənətinə öyrədirdilər ki, mənim atam və əmim də bu qaydaya sadiq qalmışdılar. Ektondakı kilsə kitablarının kö-məyi ilə nəslimizin ölüm və nikah tarixlərini 1555-ci ilə qədər izləyə bildim, əvvəlki tarixlərin məlumat-ları isə kitablara yazılmırdı. Bu kitablardan məlum oldu ki, mən azı beş nəsildir ki, ailənin kiçik oğlu olmuşların kiçik oğluyam. 1598-ci ildə doğulmuş ulu babam Tomas öz peşəsilə məşğul olduğu müddətdə Ektonda yaşamışdır. Qocalığa görə işləyə bilmə-yəndə isə, Oksfordşirin Benberi şəhərində yaşayan oğlu Conun evinə köçür. O zamanlar atam bu evdə babamın şəyirdi idi. Elə orada da rəhmətə gedir və onu Benberidə dəfn edirlər. Biz onun başdaşını 1758-ci ildə görmüşdük. Onun böyük oğlu Tomas Ektondakı evində yaşamış və dünyasını dəyişəndə ev, torpağı ilə bir yerdə, onun yeganə qızına çat-mışdı. Qızının əri, Fişer adlı birisi isə evi həyətyanı sahəsi ilə birlikdə indiki sahibi cənab İstedə satmışdı. Babamın yetkinlik yaşına çatmış dörd oğlu var idi: Tom, Con, Bencamin və Cozaya. Hazırda mənim arxivim çox-çox uzaqlardadır, ona görə də orada olan məlumatları sənə yaddaşıma əsasən nəql edəcəyəm. Əgər mən olmayan müddətdə onlar it-bata düşməsə sən oradan bir çox əlavə məlumatları da əldə edə bilərsən.

Böyük əmim Tomas da atasının yolu ilə gedib dəmirçi olmalıydı, lakin xüsusi qabiliyyətə malik olduğundan kəndin dini icmasının ən nüfuzlu xadimi eskvayr Palmerin təkidi ilə, digər qardaşları kimi, oxumağını davam etdirərək vəkil oldu və qraflıqda böyük nüfuz sahibinə çevrildi. O nəinki, qraflığın, Northemptonun, həm də sakinlərini yaxşı tanıdığı doğma kəndinin də ictimai işlərində fəal surətdə iştirak edirdi. Lord Qalifaks onu çox dəyərləndirir və həmişə himayə edirdi. O, mən anadan olmamışdan dörd il qabaq, 1702-ci il, yanvar ayının 6-da dünya-sını dəyişmişdi. Yadımdadır, onu tanıyan qocalar Tomasın xarakteri barədə danışanda, onların heka-yəti səni heyrətləndirmişdi, belə ki, deyilənlər sənə məni xatırlatmışdı. Demişdin ki, – Əgər o, dörd il sonra, sən anadan olduğun gün haqq dünyasına qovuşsaydı, fərz etmək olardı ki, onun ruhu sənin bədəninə keçib.

Con, mənim digər əmim, səhv etmirəmsə, yun boyama sənətinə yiyələnmişdi. Bencamin isə ipək parça rəngləyən olmalı idi və bu sənəti Londonda öyrənirdi. O, qeyri-adi bir insan idi. Yadımdadır, mən balaca olanda, Bostona, atamın yanına köçərək, bizim evdə bir neçə il yaşadı da. Onlar dost idilər və mən onun xaç oğlu idim. O uzun müddət yaşadı. Ondan əlyazması şəklində 2 cild şeirlər kitabı qaldı. Bu, dostlarına xitabən yazılmış şeirlər idi. O, özünə-məxsus stenoqrafiya sistemini icad etmiş və mənə də öyrətmişdi. Lakin mən məşq etmədiyimdən, az sonra onu yadımdan çıxardım. O, kifayət qədər mömin insan olduğundan, ən yaxşı xətiblərin moizələrini dinləməyə gedərdi. Onda bu moizələrin özünəməxsus üsulla yazılmış bir neçə cild stenoqramı qalmışdı.

O, siyasətə də çox meyl göstərirdi, özü də ictimai mövqeyinə əsla uyğun gəlməyən dərəcədə. Bu yaxınlarda, Londonda, onun 1641-1717-ci illər arasında müxtəlif mövzuları əhatə edən əsas siyasi broşürlərinin toplusu əlimə keçmişdi. Nömrələrdən aydın olurdu ki, bir çox cildlər çatışmır, lakin bununla belə 8 cild in-folio (mətbəə vərəqinin ½-i) və 20 cild in-kvarto (mətbəə vərəqinin ¼-i) və in-oktavo (mətbəə vərəqinin 1/8-i) ölçülərində əsərləri qalmışdı. Məni tanıyan köhnə kitab satıcısı onları almış və mənə gətirmişdi. Yəqin ki, əmim onları, əlli il bundan əvvəl, Amerikaya getməzdən qabaq Londonda qoymuşdu. Mən broşürlərin qırağında onun qeydlərini gördüm. Onun nəvəsi, Samuil Franklin isə hələ də Bostonda yaşayır.

Bizim əsilzadə olmayan ailəmiz Reformasiya hərəkatına erkən qoşulmuşdu. Bizim əcdadlarımız papistlərin çıxışlarından yaranan təhlükələrə baxma-yaraq, kraliça Mariyanın vaxtından protestant olaraq qalırdılar[1 - İngilis kralı VIII Henrix tərəfindən XVI əsrin 30-cu illərində kilsənin reformasiyası həyata keçiril-mişdir. Mariya Tüdorun (1553-1558) hakimiyyəti dövründə katolisizm qısa müddətə bərpa edilmiş, Yelizavetanın (1558-1603) dövründə isə anqlikan kilsəsinin təşəkkül tapması başa çatmışdır.]. Onların ingiliscə İncili vardı və onu etibarlı yerdə gizlətmək üçün, lentlə qatlama stulun üzlüyünün altına bərkidirdilər. Mənim ulu babam onu ailəsinə oxuyanda, stulu dizinin üzərində çevi-rər, sonra isə lentin altından İncilin səhifələrini vərəqlərdi. Dini məhkəmənin məmuru olan məhkəmə icraçısı gələndə evdəkilərə xəbər vermək üçün, uşaqlardan kimsə həmişə qapının ağzında dayanardı. Bu zaman stulu çevirərək yerinə qoyurdular və İncil həmişəki kimi öz gizli yerində qalırdı. Bu haqda mənə Bencamin əmim danışmışdı. II Karlın idarəçiliyinin sonuna qədər ailəmiz anqlikan kilsəsinin qoynunda qalırdı. Bu, ruhanilərin bir hissəsinin anqlikan kilsəsinin nizamnaməsini pozaraq, Northemptonda gizli dini mərasimlər keçirdiklərinə görə kilsədən qovulduqları vaxta qədər davam etdi. Mənim əmim Bencamin və atam Cozaya da onlara qoşuldular və həyatlarının axırlarına qədər onlara sadiq qaldılar. Ailənin digər üzvləri isə yepiskopal kilsənin himayəsində qaldılar.

Mənim atam gəncliyinin erkən çağında evlənmiş, 1685-ci ildə arvadını üç uşağı ilə birgə Yeni İngiltərəyə köçürmüşdü. O zamanlar artıq gizli dini yığıncaqlar qanunla qadağan olunduğundan və bu yığıncaqları tez-tez dağıtdıqlarından, atamın nüfuzlu tanışlarından bir çoxu Amerikaya köçməyə başladı. Və onu da inandırdılar ki, buraya köçsün. Hesab edirdilər ki, bu ölkədə heç kim onlara öz dini inanclarına etiqad etməyə maneçilik yaratmayacaq. Atamın birinci arvadından, orada, daha dörd övladı, ikinci arvadından isə on övladı dünyaya gəldi. Biz tam on yeddi nəfər olduq və mən onlardan on üçünü tez-tez bir stol ətrafında görürdüm. Onların hamısı yetkinlik yaşına çataraq öz ailələrini qurdular. İki qız uşağını nəzərə almasaq, ailənin ən kiçik oğlu mən idim. Yeni İngiltərədə, Boston şəhərində anadan olmuşdum. Atamın ikinci arvadı olan anam Yeni İngiltərəyə ilk köçənlərdən olmuş Piter Folgerin qızı Abiya Folger idi. Bu ölkənin «Magnalia Christi Americana»[2 - Amerikanın puritan yönümlü keşişi və yazıçısı Mezer Kottonun (1663-1728) «Amerikada İsa Məsihin böyük əməlləri» («Magnalia Christi Amerikana») kitabında Yeni İngiltərə kilsə tarixinin bioqrafik və tarixi fraqmentlərindən bəhs edilir; 1702-ci ildə çapdan çıxmışdır.] adlı kilsə tarixini yazmış Kotton Mezer P.Folgeri, səhv etmirəmsə, «mömin və alim ingiltərəli» adlandıraraq, hörmətlə yad edir. Eşitmiş-dim ki, o, müəyyən hadisələrlə bağlı bir neçə kiçik həcmli şeir yazıbmış ki, onlardan yalnız biri çap edilib. Bu şeiri mən çox sonralar oxudum. Bu şeir mənə tanış formatda 1675-ci ildə yazılmış və o zaman hakimiyyətdə olanlara ünvanlanmışdı. Müəllif bu şeirində vicdan azadlığından danışır, Anabaptistlərin, kvakerlərin və bir çox təqib edilən sektantların adından çıxış edirdi. O, hindularla müharibələri və ölkənin başına gələn digər fəlakətləri bu təqiblərin nəticəsi hesab edir, bu hadisələrdə edilmiş iyrənc cinayətlərə görə, Tanrının qəzəbinin təzahürlərini görür, mərhəmətə və şəfqətə zidd olan bu qanunların dəyişdirilməsinə çağırırdı. Açıq etiraf və səmimi qəlbdən gələn bu əsər mənə çox təsir etdi. İlk sətirlərin yadımdan çıxmasına baxmayaraq son altı sətir dəqiq yadımda qalmışdı; sətirlərin mənası o idi ki, Piterin tənələri xeyirxah arzularından doğurdu, elə buna görə də istəyirdi ki, müəllifliyi hamıya məlum olsun.

Böhtana ürəkdən nifrət etdiyim üçün,
Yaşadığım Şerberndən öz imzamla yazıram.
Sizi təhqir eləmək fikrində olmayan
Piter Folger adlanan sizin əsil dostunuz.

Bütün qardaşlarım yetkinlik yaşına çatana qədər hansısa bir sənətə yiyələnirdilər. Məni isə yaşım səkkizə çatanda qrammatika məktəbinə[3 - 3 Qrammatika məktəbi təqribən klassik gimnaziyaya uyğun idi] vermişdilər. Atam istəyirdi ki, onun onuncu oğlu kilsəyə xidmət etsin. Oxumağa maraq həyatımın ilk illərindən yarandığından (oxuya bilmədiyim vaxtlar yadıma gəlmir), eləcə də dostlarının, yaxşı şagird olacağım haqqında iddiaları onun niyyətini daha qəti edirdi.

Bunu əmim Bencamin də tövsiyə edirdi. Buna görə də stenoqramla yazılmış moizələrini mənə verməyi məsləhət görmüşdü. Hesab edirdi ki, onun stenoqrafik metodunu öyrənə bilsəm, bu yazıların mənə köməyi dəyə bilər. Lakin qrammatika məktəbinə bir ildən də az müddət ərzində gedə bildim, baxmayaraq ki, az müddət ərzində sinfin ortabablarından öncüllərinə çevrildim və məni birinci sinifdən ikinci sinfə keçirtdilər, ilin axırına qədər isə üçüncü sinfə keçirtməli idilər.

Lakin atam, çox böyük ailəsi olduğundan, ali təhsil almaq üçün mənə maddi kömək edə bilmirdi, bundan başqa, yanımda, dostlarının birinə demişdi ki, bu sənət adama çox az üstünlüklər verir. Atam ilkin planından imtina edir və məni qrammatika məktəbindən çıxarıb, yazı yazmağı və hesabı öyrədən məktəbə qoyur. Bu məktəbi o vaxtlar məşhur olan Corc Braunell saxlayırdı. Braunell həvəsləndirmə metodunun köməyi ilə böyük nailiyyətlər qazanmış pedaqoq idi. Onun rəhbərliyi altında yaxşı yazmağı çox tez öyrəndim, lakin hesabı çətin qavradığımdan bu sahədə çox da uzağa gedə bilmədim. On yaşım olanda atam məni məktəbdən çıxartdı və mən onun emalatxanasında köməkçi kimi işləməyə başladım. O vaxtlar atam piy şamları düzəldər və sabun bişirərdi. Bu atamın ilkin sənəti deyildi, sadəcə olaraq o, Yeni İngiltərəyə gələndən sonra, müəyyən etmişdi ki, boyaqçılıq burada o qədər də lazımlı peşə deyil və bununla ailəni saxlamaq mümkün olmayacaq. Bax beləcə fitilləri kəsir, şam qəliblərini doldururdu. Dükanında isə mən ona kömək edirdim, bir sözlə buyruq qulu idim.

Bu sənət heç xoşuma gəlmirdi. Məni dəniz özünə çəkirdi. Atam isə buna sərt etirazını bildirirdi, lakin suyun kənarında yaşadığımdan onun həm altında, həm də üstündə bir xeyli vaxt keçirirdim. Yaxşı üzməyi və qayıq sürməyi öyrəndim. Digər oğlan uşaqları ilə bir yerdə olanda isə çox vaxt sükan mənə etibar edilirdi, xüsusən də çətin vəziyyətlər olanda; ümumiyyətlə, bir çox hallarda dəstə başçısı olurdum, bəzən isə onların hoqqalarının da başında dururdum. O vaxt düzgün tətbiqini tapmasa da, onlardan birini ictimai təşəbbüskarlıq ruhunun məndə nə qədər erkən oyandığına misal kimi söyləyəcəyəm.

Dəyirman nohurunun yanında şoranlıq var idi. Daşqın zamanı onun sahilində qumlaqçı adlanan çay balıqlarını tutardıq. Biz bu yeri o qədər tapdalamışdıq ki, oralar tamam bataqlığa çevrilmişdi. Mən təklif etdim ki, orada körpüyə oxşayan nəsə quraq. Bu zaman dostlarıma şoranlığın kənarında tikiləcək yeni ev üçün gətirilmiş bir yığın daş qalağını göstərdim. Bu daşlar bizim məqsədimizə tamamilə uyğun gəlirdi. Axşamçağı, fəhlələr getdikdən sonra, səylə işə başladıq. Biz daşları iki-üç nəfərlə götürərək, balaca körpümüz hazır olanacan, qarışqa kimi işlədik. Ertəsi gün fəhlələr körpünün tikintisinə sərf olunmuş daşların itdiyini aşkar etdilər. Sorğu-sualdan sonra bizi tapdılar və valideynlərimizə şikayət etdilər. Bəzilərimiz atalarımızdan uyğun öyüd-nəsihət dinləməli olduq. Faydalı iş gördüyümüzü sübut etməyə çalışsam da atam məni inandırdı ki, əyri yolla görülmüş iş xeyirli ola bilməz.

Mənə elə gəlir ki, sən atamın necə insan oldu-ğunu bilmək istəyərdin. O, sağlam, orta boylu, lakin mütənasib bədənli və böyük fiziki qüvvəyə malik birisi idi. Onun məntiqli ağlı var idi, yaxşı şəkil çəkirdi, musiqi təlimi görmüşdü, gur və eyni zamanda məlahətli səsi var idi; işdən sonra skripkasında çalaraq, pəsdən oxuyanda onu dinləməkdən zövq alırdım. Onun mexanikliyi də var idi, digər peşə sahiblərinin alətlərindən də ustalıqla istifadə edə bilirdi. Lakin onun ən əsas müsbət cəhəti mürəkkəb ictimai və ya şəxsi işlərə aid məsələnin mahiyyətini başa düşmək bacarığında idi. Düzdür, çoxsaylı ailə üzvlərinin tərbiyə məsələləri və ailəsinin kifayət qədər çətin vəziyyəti ona ictimai işlərlə məşğul olmağa imkan vermirdi, lakin mənim yadımdadır ki, tanınmış adamlar onun şəhər və kilsə məsələlərinə dair rəyini öyrənmək üçün yanına gələr, onun fikir və mülahizələrinə hörmətlə yanaşardılar.

Ayrı-ayrı şəxslər də, öz çətinliklərilə bağlı, ona müraciət edər və onu mübahisə edən tərəflər arasında münsif seçərdilər. O, ağıllı söhbət apara bilən dost və qonşulardan hansısa birinin nahar vaxtı onunla bir stol arxasında oturmasını istəyirdi; atam bu zaman çalışırdı ki, maraqlı bir mövzu ətrafında müzakirələr getsin ki, biz uşaqlara bunun xeyri dəysin. Belə üsullarla o, bizim diqqətimizi xeyirxah işlərə və ağıllı-kamallı əməllərə doğru yönəldirdi; və demək olar ki, masanın üstündəki yeməklərə az və ya ümumiyyətlə heç fikir verməzdi; əsla müzakirə edilməzdi ki, bu yeməklər ilin fəsillərinə uyğun gəlir ya gəlmir, digər müvafiq taamlardan keyfiyyətinə görə üstündür ya yox, yaxşı və ya pis hazırlanıb və s. Uşaqlıqdan belə məsələlərə fikir verməyə öyrəncəli olmadığımdan, indinin özündə də, verilən xörəyin keyfiyyəti mənim üçün heç bir məna daşımır və bir neçə saatdan sonra zorla yada sala bilirəm ki, ümumiyyətlə nə yemişdim. Bu mənə səyahətlərim zamanı çox üstünlüklər verirdi, belə ki, yol yoldaşlarım səyahət zamanı bəzən, verilən yeməklərin keyfiyyəti pis olduqda, özlərini az qala bədbəxt hesab edirdilər.

Anam da çox sağlam qadın idi. Özünün on uşağının hamısını əmizdirə bilmişdi. Atam və ana-mın nə vaxtsa xəstələndikləri yadıma gəlmir; o səksən doqquz yaşında, anam isə səksən beş yaşında vəfat etmişlər. Onlar Bostonda birgə dəfn olunmuşdular və onların mərmər baş daşlarında belə yazılmışdı:



Cozay Franklin və onun arvadı Abiya burada dəfn olunmuşlar. Onlar birgə əlli beş il xoşbəxt yaşamışlar. Mülklərinin və böyük vəzifələrinin olmamasına baxmayaraq, zəhmət və çalışqanlıqla (Allahın xeyir-duası ilə) – onlar böyük ailəni firavanlıqla saxlamış, ləyaqətlə on üç övlad və yeddi nəvə böyütmüşlər. Hörmətli oxucu, qoy onların bu həyatı səni öz işlərində həvəsləndirsin və həmişə İlahi qüvvəyə inandırsın. Atam mömin və tədbirli insan idi. Anam isə təvazökar və xeyirxah qadın idi. Bu başdaşını, ehtiram əlaməti olaraq, onların xatirəsinə kiçik oğlu qoymuşdur. C.F. 1655-ci ildə anadan olmuş – 1744-cü ildə 89 yaşında vəfat etmişdir, A.F. 1667-ci ildə anadan olmuş – 1752-ci ildə 85 yaşında vəfat etmişdir.


Mən tez-tez öz xatirələrimdən kənara çıxıram, bundan da belə nəticəyə gəlirəm ki, artıq qocalmışam. Əvvəllər mən daha düzənli yazardım. Amma evin içində olanda heç vaxt bala gedən kimi bəzənib-düzənmirlər. Bəlkə də bu, sadəcə səliqəsizlikdir. Bilmirəm.

Beləliklə, əvvəlki mətləbə qayıdaq: iki il ərzində, yəni on iki yaşıma qədər atama kömək etdim. Hər şeydən görünürdü ki, bu peşəyə uşaqlıqdan yiyələn-miş qardaşım Con evləndikdən, atamdan ayrılaraq Rod-Aylenddə öz işini açandan sonra, onun yerini tutaraq şam bişirmək ustası olmalı idim. Lakin bu peşəyə meylim o qədər az idi ki, mənim üçün daha məqbul iş tapmayacağı halda itaətdən çıxacağımı və Cozay kimi dənizçi olacağımı atam da hiss edirdi. Ona görə məni özü ilə gəzintiyə çıxararaq dülgərləri, bənnaları, tornaçıları, misgərləri və digər sənət sahiblərini iş başında göstərirdi ki, nəyə həvəs etdiyimi bilsin və təki mən quruda qalım. Yaxşı ustaların öz alətlərindən məharətlə istifadə etməsindən həmişə ləzzət alırdım. Bunun mənə həm də o köməyi oldu ki, müxtəlif alətlərdən istifadə etmək vərdişinə yiyələndim və evdə, usta tapmaq mümkün olmadıqda müəyyən işləri görə bildim. Bundan başqa təcrübələrim üçün kiçik maşınlar da düzəldə bilirdim. Nəhayət, atam qərara gəldi ki, məndən bıçaqçı usta alına bilər və məni bir neçə günlük sınaq müddəti ilə Londonda bu peşəni öyrənib Bostonda işləməyə gəlmiş Bencamin əmimin oğlu Samuilin yanına düzəltdi. Lakin o, məni öyrətmək üçün elə bir qiymət oxudu ki, atam hirsləndi və məni yenidən evə götürdü.

Kiçik yaşlarımdan kitab oxumağı dəlicəsinə sevirdim və əlimə keçən pulları kitab almaq üçün yığırdım. Mən səyahət etməyi də çox xoşlayırdım. İlk aldığım kitablar Benianın əsərləri idi. Sonralar onları satdım ki, Bertonun tarixə aid əsərlərini ala bilim; bunlar küçə alverçisindən ucuz qiymətə aldığım qırxadək kiçik kitabçalar idi. Atamın kiçik kitabxanasında olan dini-polemik əsərlərin çoxunu isə artıq oxumuşdum. Qeyd etmək istəyirəm ki, biliklərə meylim olduğu vaxtlar əlimə müvafiq kitabların keçməməsinə indiyə qədər təəssüf edirəm, belə ki, o vaxtlar ruhani olmayacağım artıq dəqiqləşmişdi. Bu kitabların sırasında ucadan oxuduğum Plutarxın[4 - 4 Plutarxın «Tərcümeyi-hal» kitabı 50 görkəmli yunan və Roma dövlət xadimi və sərkərdəsinin bioqrafiyasından ibarətdir.] «Müqayisəli tərcümeyi-hallar» əsəri var idi və indi də hesab edirəm ki, onun mənə çox köməyi olub. Eləcə də, onun kitablarının arasında Defonun «Layihələrin təcrübəsi»[5 - «Layihələr üzərində təcrübə» («An Essay on Projects», 1698) əsərində Defo burjua cəmiyyətinin məddahı kimi çıxış edir; əsərdə ticarətin inkişafı, bank işi, akademiya, hərbi kollec, qadınlar üçün ali məktəblərin yaradılmasına dair konkret təkliflər irəli sürülmüşdür.] və doktor Mezerin «Yaxşılığı necə etməli» əsərləri də vardı. Bu kitablar, ola bilsin ki, dini dünyagörüşümə əhəmiyyətli dərəcədə təsir etmişdi ki, bu da özünü həyatımın bir sıra əsas hadisələrində açıq şəkildə göstərmişdi.

Kitaba olan meyillilik axırda ona gətirdi ki, atam məni çapçı etmək fikrinə düşdü. Onu da qeyd edim ki, onun oğlanlarından biri artıq bu sənətlə məşğul olurdu. 1717-ci ildə qardaşım Ceyms İngiltərədən qayıdanda, Bostonda mətbəə açmaq üçün özü ilə çap dəzgahı və şriftlər də gətirmişdi. Atamın sə-nətinə nisbətən, bu iş mənim daha çox xoşuma gəlsə də dəniz məni əvvəlki kimi özünə çəkirdi. Atam isə bu həvəsimin nəticələrindən ehtiyat etdiyi üçün, qardaşımla aramda rəsmi müqavilə öhdəlikləri yaranmasını istəyirdi. Müəyyən müddət buna qarşı müqavimət göstərsəm də nəhayət, təzyiqlərə tab gətirməyərək, şəyirdliyə qəbul müqaviləsinə imza atdım. Bu zaman mənim cəmi on iki yaşım var idi. Müqaviləyə görə mən iyirmi bir yaşım tamam olana qədər şəyird işləyəcəkdim, özü də yalnız sonuncu il əsl işçi maaşı alacaqdım. Çox qısa zamanda bu işlərdə əhəmiyyətli müvəffəqiyyətlər qazanaraq qardaşıma böyük kömək etmiş oldum. İndi mənim daha yaxşı kitablara çıxışım vardı. Mən kitab ticarəti ilə məşğul olanların köməkçiləri ilə tanış olurdum və bu mənə imkan verirdi ki, gah bir, gah digər kitabı müvəqqəti oxumağa götürüm; oxuduğum kitabları da çalışırdım ki, vaxtında, səliqəli vəziyyətdə yiyələrinə qaytarım. Əgər kitab mənə axşam verilmiş və heç kimin duyuq düşməməsi üçün səhər yerinə qoyulmalı idisə onları öz otağımda, az qala bir gecəyə oxumağa çalışırdım.

Bir müddətdən sonra əla kitabxanası olan və tez-tez bizim mətbəəyə gələn Metyu Adams adlı ağıllı və açıqfikirli tacirin diqqətini cəlb etdim. O, məni öz kitabxanasına dəvət etdi və lütfkarlıqla istədiyim kitabı oxumaq üçün götürməyi təklif etdi. İndi məni poeziya cəlb etməyə başladı və bir neçə şeir də yazdım. Qardaşım hesab etdi ki, bununla qazanmaq olar və məni ədibliyə həvəsləndirdi. Onun təkidi ilə mən iki ballada yazdım. Onlardan biri qəzaya uğramış gəminin kapitanı Uortileyk və onun iki qızı haqqında «Mayakın yanındakı faciə», ikincisi isə «Məşhur «Tiç» gəmisinin zəbti ilə əlaqədar matrosun mahnısı və ya «Qara saqqal» adlı dəniz qulduru» balladaları idi. Bu əsərlər küçə balladaları stilində yazılmış zəif əsərlər idi. Qardaşım onları satmaq üçün məni şəhərə yolladı. Birinci balladanı az qala əlimdən qaparaq alırdılar, belə ki, təsvir edilmiş hadisə böyük səs-küyə səbəb olmuşdu. Bu uğur mənim heysiyyatımı xoş tərzdə qıdıqladı, lakin atamın buna münasibəti məni çaşdırdı. O, şeirlərimə güldü və bildirdi ki, şairlər həmişə dilənçi kimi yaşayırlar. Beləliklə, mən şair olmaq, özü də pis şair olmaq təhlükəsindən xilas oldum. Lakin nəsrlə yazdığım əsərlərin həyatım boyu mənə xeyri dəydiyinə, uğurlarımın əsas səbəblərindən biri olduğuna görə, bu sahədə müəyyən ustalığa necə nail olduğumu sənə söyləmək istəyirəm.

Şəhərdə yaxın tanışlıq etdiyim Con Kollinz adlı daha bir gənc kitabsevər var idi. Bəzən biz mübahisə edir və söz güləşdirməyi çox sevirdik. İllah da bir-birimizi təkzib etmək əsas məqsədlərimizdən birinə çevrilmişdi. Elə buradaca qeyd etməliyəm ki, höcətləşməyə meyl pis vərdişə çevriləndə adamı cəmiyyət içərisində dözülməz vəziyyətə gətirə bilər. Belə ki, bu zaman insan ucdantutma hamıya etiraz etməyə başlayır ki, bu da, öz növbəsində, nəinki söhbəti zəhərləyir, həm də dostluq edilə biləcək kəslər tərəfindən nifrət və ədavətlə qarşılanır. Mən bu vərdişi atamın dini-polemik məzmunlu kitablarını oxuyanda əldə etmişdim. O vaxtdan da əmin olmuşdum ki, hüquqşünaslar, universitet işçiləri və Edinburqda təhsil almışları çıxsaq, sağlam düşüncəli insanlar nadir hallarda özlərini belə aparırlar.

Bir dəfə, səbəbi indi yadımda deyil, Kollinzlə aramızda belə bir disput yarandı ki, qadınlara təhsil vermək nə dərəcədə məqsədəuyğundur və ümumiy-yətlə, onların buna qabiliyyəti çatır ya yox. Onun nəzər nöqtəsi belə idi ki, bu onlara lazım deyil və təbiətən onlar buna uyğunlaşmayıblar. Mən, bəlkə də ancaq mübahisə etmək xatirinə ona əks mövqe tutmuşdum. O, təbiətən böyük söz ehtiyatına malik, bəlağətli danışmaq ustası idi. Bəzən mənə elə gəlirdi ki, ona arqumentlərinin güclü olduğundan deyil, söz güləşdirmək məharətinə görə uduzuram. Biz ümumi məxrəcə gəlmədik. Növbəti görüşümüzə isə çox var idi. Ona görə də qərara gəldim ki, öz dəlillərimi yazılı bildirim. Fikirlərimi ağlamaya köçürərək ona göndərdim. O, mənə cavab yazdı, mən isə cavaba cavab yazıb ona göndərdim. Bax beləcə, hər birimiz üç və ya dörd məktub yazdıq. Təsadüfən bu məktub-lar başqa kağızlarla birgə, atamın əlinə keçdi və o, bu yazışmalarla tanış oldu. O bu hadisədən istifadə edərək, toxunulmuş sualın məziyyətləri haqqında heç nə demədən, mənimlə ədəbi üslub haqqında danışmağa başladı. Bildirdi ki, nöqtə-vergül (punktuasiya) və imla səhvlərinin rəqibimə nisbətən az olmasına baxmayaraq (o bunu mətbəədə işləməyimə borclu olduğumu bildirdi), mən tərəf-müqabilimə məntiqi ardıcıllıqda və ifadə bacarığında uduzuram. O, bunu misallarla sübut etdi. Onun iradlarının doğru olduğunu gördüm, öz üslubuma diqqət etməyə və nəyin bahasına olursa olsun, onu yaxşılaşdırmağa qərar verdim.

Təqribən, elə o vaxtlar, «Tamaşaçı»[6 - İngiltərənin erkən Maarifçilik dövrünün tanınmış jurnalistləri Addison və Stilin «Tamaşaçı» («Spectator»,1711-1712) ədəbi-satirik jurnalı. Jurnal naşirin («Tamaşaçı»nın) oxucularla məişət, əxlaq və fəlsəfəyə dair didaktik söhbətləri formasındadır.] əsərinin külliyyatından bir cild əlimə keçdi. Bu, əsərin üçüncü cildi idi. İndiyə qədər də bu əsərin digər cildlərini görməmişəm. Mən bu kitabı aldım və onu bir neçə dəfə başdan ayağa oxudum. Bu kitaba heyran olmuşdum. Kitabın üslubu məni valeh etmişdi və qərara gəldim ki, onu bacardığım qədər təqlid edim. Bundan ötrü mən bir neçə hekayəni götürüb oradakı ifadələrin məzmununu qısaca qeyd etdim. Bir neçə gündən sonra isə, hekayələri yazdığım qeydlər əsasında bərpa etməyə başladım. Bu zaman çalışırdım ki, kitaba baxmadan, orijinalda istifadə edilmiş ifadələrin məna çalarlarına uyğun sözlərlə onları yenidən canlandırım. Sonra özümün «Tamaşaçı»mı orijinalla müqayisə edir, səhvlərimi görür və onları düzəldirdim. Lakin məlum oldu ki, ya mənim lüğət ehtiyatın azdır, ya da hələlik səriştəm kifayət qədər deyil. Buna görə də fikirləşdim ki, şeir yazmaq məşğuliyyətini davam etdirmiş olsaydım yəqin aldığım nəticə daha məqbul olardı. Güman ki, sinonimlərin tapılması və qafiyə axtarışları məni müxtəlifliyə təhrik edəcək, tapılan sözləri hafizəmdə möhkəmlədəcək və məni sözün tam sahibinə çevirəcəkdi. Onda mən «Tamaşaçı»da çap olunmuş hekayələrdən bəzilərini nəzmə çəkdim; orijinal yadımdan çıxdıqdan sonra isə şeiri yenidən nəsrə qaytarmağa başladım.

Bəzən konspekt xarakterli yazılarımı nizamsız olaraq qarışdırır və onları bir neçə həftədən sonra, bitkin ifadələr tərtib edərək hekayələri tamamla-maqdan qabaq daha yaxşı yerləşdirməyə çalışırdım. Bu, nizamlı təfəkkürün yaranmasına kömək etməli idi. Yazdıqlarımı orijinalla müqayisə etdikdə çoxlu səhvlər tapır və onları düzəldirdim. Bəzən isə, fikrən lovğalanırdım ki, bəzi xırda təfsilatlarda dili və ya nəqli yaxşılaşdıra bilmişəm. Bu isə məndə belə bir ümid yaradırdı ki, gələcəkdə heç də pis yazıçı olmayacağam. Bu təmrinləri etmək üçün yalnız işdən sonra – gecələr və ya işdən əvvəl – səhərlər vaxt ayıra bilirdim. Bazar günləri isə, atam bunu tələb etsə də, mümkün olduğu qədər, ictimai ibadətə getməkdən yayınaraq mətbəədə qalmağa çalışırdım. Atamın hamiliyində olan zaman bu işi görməyə məcbur idim, indi də hesab edirəm ki, bazar günü ibadətləri yerinə yetirilməsi vacib olan bir işdir, lakin o vaxtlar hesab edirdim ki, buna vaxt sərf etməyə imkanım yoxdur. Mənim on altı yaşım olanda Trayon adlı birisinin vegetarian qida haqqındakı kitabı əlimə düşdü. Vegetarian olmaq qərarına gəldim. Qardaşım evli olmayan vaxtlarında, özünün təsərrüfatını saxlamır və şəyirdləri ilə birgə başqa ailədə yemək yeyirdi. Mənim ətdən imtina etməyim narahatlığa səbəb olurdu və məni bu qəribəliyimə görə tez-tez tənbeh edirdilər. Trayonun kitabçasından mən tövsiyə olunan bəzi yeməklərin – kartof, düyü, tez hazırlanan pudinq və başqalarının necə bişirilməsini öyrəndim; qardaşıma təklif etdim ki, əgər o mənim yeməyim üçün sərf olunan pulun yarısını mənə versə yeməyimi özüm hazırlayaram. O, dərhal buna razılıq verdi və az sonra müəyyən etdim ki, mənə verdiyi pulun yarısına da qənaət edə bilirəm. Beləliklə, kitab almaq üçün əlavə fondum yarandı. Bu mənə daha bir üstünlük verdi. Qardaşım və digərləri nahar fasiləsinə mətbəədən gedir, mən isə orada tək qalırdım; tez qəlyanaltı edərək (mənim yeməyim suxarıdan və ya bir tikə çörəkdən, bir ovuc kişmişdən və ya qənnadı məmulatından və bir stəkan sudan ibarət idi) onlar gələnə qədər qalan vaxtımdan özüm istədiyim kimi istifadə edirdim; az yeyib-içdiyimə görə beynim iti işlədiyindən həmin vaxt ərzində çox şey edə bilirdim. Məktəbdə iki dəfə hesabdan kəsilmişdim, onu yaxşı bilmədiyimdən bir neçə dəfə pis vəziyyətə düşmüşdüm; Kokkerin hesab[7 - İngilis riyaziyyatçısı Edvard Kokkerin (1631-1675) hesab dərsliyi nəzərdə tutulur.] dərsliyini əlimə götürüb heç bir çətinlik çəkmədən öhdəsindən gəldim. Bundan başqa Celler və Sterminin naviqasiyaya aid kitabını da oxudum, lakin həndəsənin başlanğıcını tam şəkildə öyrənə bilmədim. Təqribən elə o zaman da mən Lokkun «İnsanın idrakı haqqında» və Por-Royaldan[8 - Franklin Dekartın davamçıları, «Məntiq və düşünmək sənəti» dərs vəsaitinin müəllifləri, yansenistlər A.Arno və P.Nikolu (1662) nəzərdə tutur.] olan cənabların «Təfəkkürün sənəti» əsərlərini oxudum.

Mən çox istəyirdim ki, nitqimi yaxşılaşdırım və səhv etmirəmsə, Qrinvudun ingilis qrammatikası əsəri ilə tanış oldum. Kitabın sonunda ritorika və məntiq sənəti haqqında iki oçerki oxudum. Axırıncı oçerkdə Sokrat metodundan bəhs edilirdi. Az sonra isə Ksenofontun[9 - Ksenofontun «Sokrat haqqında xatirələr»i – e.ə. III əsrin klassik əsərlərindən biridir. Latınca əsər «Memorabilia», yəni «yada salmağa layiq şeylər» adlanır. Əsər Sokratın və onun nəzəriyyəsinin mədhiyyəsidir.] «Sokrat haqqında xatirələr» kita-bını tapdım ki, orada bu metoddan istifadə etməklə müxtəlif misallar göstərilirdi. Mən bu metoda məf-tun olmuşdum və onun tətbiqinə başladım; artıq nə inkardan istifadə edir, nə də pozitiv arqumentlər gətirməklə məşğul idim, sadəcə, bəzən itaətkarcasına suallar verirdim. Bundan başqa, Şeftsberi və Kollinzi oxuduğumdan, skeptikə çevrilmişdim, – onsuz da bizim dini doktrinalara skeptik yanaşırdım – və belə bir nəticəyə gəlmişdim ki, bu, özüm üçün ən təhlükəsiz, əleyhinə işlətdiyim müsahiblər üçünsə kifayət qədər karıxdırıcı bir metoddur; buna görə bu metoddan ləzzət alırdım, fasiləsiz onu təcrübədən keçirirdim və kifayət qədər ağıllı adamların, nəticəsini əvvəlcədən görə bilməyəcəkləri səhvlər etməsinə nail ola bilirdim; bu zaman onlar çıxılması çətin olan vəziyyətə düşürdülər; bu üsulla nə özümün, nə də müdafiə etdiyim tezisin əsla layiq olmadığı qələbələr qazanırdım.

Bu metoddan bir neçə il istifadə etdim, lakin zaman keçdikcə mübahisə predmeti ola biləcək mövzular haqqında «əlbəttə», «şübhəsiz» kimi sözlər işlətməkdən imtina edərək, fikrimi – «mənə elə gəlir ki, bu məsələ .... cürdür» və ya «.......səbəbdən belə demək olar ki…», «səhv etmirəmsə, onda....» kimi formalardan istifadə etməklə təvazökarcasına bildirmək vərdişini saxladım. Bu vərdiş sonralar, insanları haqlı olduğuma inandırmaq və ya hansısa bir işi etmək üçün onların razılığını almaq lazım gəldikdə, dəfələrlə işimə yaradı. Hər bir söhbətin əsasında digərlərini öyrətmək və ya özün öyrənmək, kiməsə zövq vermək və ya kimisə inandırmaq durursa, mən istərdim ki, yaxşı niyyətli insanlar özlərinin əsaslı dəlillərinin qüvvəsini, danışıqlarına təkəbbürlülük, lovğalıq çalarları verməklə azaltmasınlar; bu danışıq üsulu, demək olar ki, həmişə, dinləyicilərdə nifrət hissinin yaranmasına səbəb olur, onları qərəzkarlığa kökləyir, bir sözlə tamamilə əks nəticələrə gətirib çıxarır. Əgər siz digərlərini öyrətmək istəyirsinizsə, fikrin doqmatik, bir mənalı sərt dillə çatdırılması əks təsirə səbəb ola və sizi axıra qədər dinləməyə maneçilik törədə bilər. Əgər siz başqalarından bilik almaq istəyirsinizsə, özünüzün indiki baxışlarınıza sadiqliyinizi bəyan etməməlisiniz; mübahisələri sevməyən təvazökar və dərrakəli insanlar yəqin ki sizə öz yanlış fikrinizlə qalmağa imkan verəcəklər. Əgər siz öz ədalarınızdan əl çəkməsəniz, çətin ki, dinləyicilərinizə xoş təəssürat bağışlayasınız və ya kimisə inandıra biləsiniz ki, sizə dəstək versin və ya sizinlə həmrəy olsun. Poup haqlı olaraq deyir:

Elə öyrət ki, öyrətdiyin hiss edilməsin,
Tanış olmayanısa yaddan çıxmış kimi de.

Onun digər məsləhətləri də var:



Qətiyyətli, amma hiss ediləcək təvazökarlıqla danış.


Fikrimcə, bunu daha az uyğun gələn sətirə bir-ləşdirilmiş dıgər sətirlə birləşdirmək olardı:



Təvazökarlığın qıtlığı – ağlın qıtlığının göstə-ricisidir.


Digər sətrin niyə daha az uyğun gəldiyini soruşsanız



Nəzakətsiz sözləri heç nə ilə bağışlamaq olmaz,

Çünki təvazökarlığın qıtlığı – ağlın qıtlığının göstəricisidir iqtibasını gətirəcəyəm.


Məgər ağlın azlığı (bu məsələdə adamın bəxti gətirməyibsə) təvazökarlığın azlığı üçün müəyyən üzr deyil? Bu sətirləri belə oxumaq daha düzgün olmazdımı:



Nəzakətsiz sözlərə yalnız təvazökarliğin qıtlığının – ağlın azlığının göstəricisi olması ilə bəraət qazandırmaq olar.


Lakin bu məsələdə son qərarı daha səriştəli şəxslər verə bilər.

Qardaşım 1720 və ya 1721-ci ildə qəzet nəşr etməyə başladı. Bu, Amerikada çıxmağa başlayan ikinci qəzet idi və «Nyu-İnqlend kurant» adlanırdı. Onun yeganə sələfinin adı «Boston nyus-letter» idi. Yadımdadır, bəzi dostları qardaşımı bu işdən əl çəkməyə çağırırdılar. Hesab edirdilər ki, bu ümidsiz bir işdir, belə ki, Amerika üçün bir qəzet tamamilə kifayətdir. Hazırda, yəni 1771-ci ildə, onların sayı iyirmi beşdən az deyil. O, hər halda, bu işə başladı; mən növbəti nömrəni yığıb çapa verdikdən sonra qəzetləri abunəçilərə çatdırmalı idim. Onun tanışları arasında istedadlı adamlar çox idi və onlar əyləncə xatirinə onun qəzeti üçün kiçik əsərlər yazırdılar ki, bu da qəzetin nüfuzunun və ona tələbatın artmasına səbəb olurdu. Bu centlmenlər tez-tez bizə baş çəkir-dilər. Onların əsərlərinin uğurları haqqında eşidəndən sonra, səbirsizliklə özümü bu sahədə sınamaq istə-yirdim. Lakin hələ balaca olduğumdan qorxurdum ki, qardaşım öz qəzetində müəllifi olduğum yaradı-cılıq nümunələrini çap etməsin. Bu səbəbdən də, xəttimi dəyişərək yazdığım anonim əsəri gecə ikən xəlvəti mətbəənin qapısının altına qoydum. Səhər əsər «tapıldı» və həmişəki kimi mətbəəyə gələn dostların mühakiməsinə verildi. Onlar mənim yanımdaca yazımı təhlil etdilər və onların tərifindən böyük ləzzət aldım; onlar yazının müəllifini tapmağa cəhd edərək, ağlı və alimliyi ilə seçilənlərin hamısını sadaladılar. İndi hesab edirəm ki, münsiflər sarıdan bəxtim gətirmişdi və onlar fikirləşdiyim qədər də böyük bilici deyildilər. Belə başlanğıcdan ruhlanaraq, daha bir neçə əsər yazıb, eyni üsulla çapa göndərdim və onlar da təqdir edildi. Sirrimi bu növ əsərlər yazmağa olan xırda təbim tükənənə qədər saxladım; həqiqəti açandan sonra isə qardaşımın tanışları mənimlə bir qədər daha artıq hesablaşmağa başladılar.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68336770) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


İngilis kralı VIII Henrix tərəfindən XVI əsrin 30-cu illərində kilsənin reformasiyası həyata keçiril-mişdir. Mariya Tüdorun (1553-1558) hakimiyyəti dövründə katolisizm qısa müddətə bərpa edilmiş, Yelizavetanın (1558-1603) dövründə isə anqlikan kilsəsinin təşəkkül tapması başa çatmışdır.




2


Amerikanın puritan yönümlü keşişi və yazıçısı Mezer Kottonun (1663-1728) «Amerikada İsa Məsihin böyük əməlləri» («Magnalia Christi Amerikana») kitabında Yeni İngiltərə kilsə tarixinin bioqrafik və tarixi fraqmentlərindən bəhs edilir; 1702-ci ildə çapdan çıxmışdır.




3


3 Qrammatika məktəbi təqribən klassik gimnaziyaya uyğun idi




4


4 Plutarxın «Tərcümeyi-hal» kitabı 50 görkəmli yunan və Roma dövlət xadimi və sərkərdəsinin bioqrafiyasından ibarətdir.




5


«Layihələr üzərində təcrübə» («An Essay on Projects», 1698) əsərində Defo burjua cəmiyyətinin məddahı kimi çıxış edir; əsərdə ticarətin inkişafı, bank işi, akademiya, hərbi kollec, qadınlar üçün ali məktəblərin yaradılmasına dair konkret təkliflər irəli sürülmüşdür.




6


İngiltərənin erkən Maarifçilik dövrünün tanınmış jurnalistləri Addison və Stilin «Tamaşaçı» («Spectator»,1711-1712) ədəbi-satirik jurnalı. Jurnal naşirin («Tamaşaçı»nın) oxucularla məişət, əxlaq və fəlsəfəyə dair didaktik söhbətləri formasındadır.




7


İngilis riyaziyyatçısı Edvard Kokkerin (1631-1675) hesab dərsliyi nəzərdə tutulur.




8


Franklin Dekartın davamçıları, «Məntiq və düşünmək sənəti» dərs vəsaitinin müəllifləri, yansenistlər A.Arno və P.Nikolu (1662) nəzərdə tutur.




9


Ksenofontun «Sokrat haqqında xatirələr»i – e.ə. III əsrin klassik əsərlərindən biridir. Latınca əsər «Memorabilia», yəni «yada salmağa layiq şeylər» adlanır. Əsər Sokratın və onun nəzəriyyəsinin mədhiyyəsidir.



100-lük ABŞ dollarını və ya onun surətini əlinə gö-türmüş hər bir adam onun şəklini görüb. Bu şərəfə hansı keyfiyyətlərinə görə layiq olduğunu isə bu kitabdan öyrənə bilərsiniz.

Как скачать книгу - "Bencamin Franklin – avtobiografiyası" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Bencamin Franklin – avtobiografiyası" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Bencamin Franklin – avtobiografiyası", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Bencamin Franklin – avtobiografiyası»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Bencamin Franklin – avtobiografiyası" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *