Книга - Xiyabani

a
A

Xiyabani
Pənahi Makuli


Azərbaycan ədəbiyyatı
Bu tarixi romanında Cənubi Azərbaycanda milli azadlıq hərəkatının rəhbəri, mütəfəkkir və siyasətçi Şeyx Məhəmməd Xiyabaninin həyatından və mübarizəsindən, eləcə də onun rəhbərliyi altında Azadıstan dövlətinin qurulmasından, həmçinin süqutundan danışılır.





Pənahi Makulu

Xiyabani





1


…Məhəmməd dünyaya gələndə atası Hacı Əbdülhəmid Xamnədə deyildi. O, Petrovskidə (indiki Mahaçqalada) ticarətlə məşğul idi.

Uşağın dünyaya gəlməsindən bir saat keçməmişdi ki, Təbrizə tərəf bir atlı çapırdı. Bu atlı körpə Məhəmmədin dayısı Əli Ağa idi. O, birbaşa Təbrizdəki Hind-Avropa teleqrafxanasına gedərək oğlanın atasına şad xəbər yollayacaqdı…




2


Aradan illər keçdi. Məhəmməd altı yaşına qədəm qoydu.

Novruz bayramı başlamışdı. Yaz girəcək, il təhvil olacaq, adamlar köhnə ili sağ-salamat başa vurduqları üçün bir-birinə gözaydınlığı verəcəkdilər.

Balaca Məhəmməd isə təzə ildən məktəbə gedəcəkdi.

Böyük şəhərlərdə Novruz bayramı çox uzun sürür. Lakin Xamnə qəsəbəsində üç gündən artıq çəkmir.

Bayramın ilk günü xan sübh tezdən çiyinlərini, sinəsini ata-babasından miras qalmış nişanlarla bəzəmişdi. Qızıldan şir-xurşid ordeni taxılmış qara papağını başına qoymuşdu. Pəncərə qabağında oturub sulu qəlyan çəkirdi. Günortaya yaxın onun bayramını təbrik etməyə gələnlərin qabağı açıldı. Əyan, əşrəf, qəsəbənin ağsaqqalları, tacirlər hamıdan qabaq xanın qapısından içəri keçdilər. Sonra qəsəbə camaatı böyükdən kiçiyə xanın evinə tərəf axışmağa başladı. Günorta vaxtı xanın həyətində artıq böyük bir izdiham yaranmışdı…

Məhəmməd də təzə paltar geymiş, atasının göndərdiyi çəkmələri dizə kimi çəkib evlərinin qabağında dayanmışdı. Uzaqdan dayısı oğlu Qasımağa göründü. Məhəmməd onun qabağına yüyürdü. Qolundan tutdu. Çəkə-çəkə evə gətirdi. Məhəmmədin anası Zəhra xanım qardaşı oğlunun bayramını təbrik etdi, üzündən öpdü və ona bir dənə qırmızı yumurta verdi. Əyninə geydiyi təzə, məxmər arxalığının cibini yemişlə doldurdu. Uşaqlar sevincək həyətə düşdülər.

– Xanlıq evini görmüsən? – deyə Qasımağa Məhəmməddən soruşdu.

– Yox, görməmişəm.

– Onda gedək. Bu saat camaat oradadır, xanın təzə ilini təbrik eləməyə gediblər.

Beləliklə, onlar atıla-atıla xanın evinə tərəf getməyə başladılar.




3


Xanın böyük darvazalı qapısının qabağındakı meydan sulanıb süpürülmüşdü. Çoxlu adam yığılmışdı. Onlardan bəziləri silahlı idi. Qapının o tərəf – bu tərəfində duran iki nökər xanın görüşünə gələn köhnə, cırıq paltarlı adamları kənara itələyir, içəri buraxmırdı. Bu arada, bir dəstə kəndli gəldi. Qabaqda gedən kəndxudadan başqa hamısı keçə papaq qoymuş, çarıq geyinmişdi. Onlar qoynundan üç-dörd qumrov asılmış bir ağ qoçu əlvan rənglərlə boyayıb gətirmişdilər.

Xan qonaqları ilə söhbətlə məşğul olsa da, fikri həyətdə idi, gəlib-gedəni gözdən qoymurdu. Altı yaşlı oğlu da yanında oturmuşdu. Xanın gözü kəndxudaya və onun dalınca gələn bəzəkli qoça sataşanda gülümsəyib oğluna dedi.

– Gör, Fərəc kəndxuda sənə necə qoç gətirib!

Oğlan tez pəncərənin qabağına yüyürdü. Xanı pəncərədən görən kəndxuda iki əlini sinəsinə qoyub təzim etdi, kəndlilər də ikiqat oldular. Onların arxasınca gələn Qasımağa ilə Məhəmməd də xanı və oğlunu gördülər. Xan oğluna dedi:

– Bax, kəndxudanın oğullarıdır. Get onlarla oyna.

Sonra xan kəndlilərə işarə edərək qulluqçuya əmr verdi:

– Hərəsinə bir stəkan çay ver, qoy pəncərə qabağında içsinlər. Kəndxudanı isə çağır, dəhlizdə otursun.

Xanın oğlu lələsi[1 - Lələ – keçmişdə kübar və varlı ailələrdə uşağın tərbiyəsi ilə məşğul olan adam] ilə həyətə düşən kimi Məhəmmədlə Qasımağanın yanına yüyürdü. Şəhər uşaqları kimi geyinən oğlanlar xanın oğlunu çox təəccübləndirdi. Məhəmmədin çəkmələrindən o vaxt nəinki Xamnə qəsəbəsində, hətta bütün İranda belə tapılmazdı. Xanın oğlu gözlərini Məhəmmədin qəşəng, yaraşıqlı çəkmələrindən ayıra bilmirdi.

– Bunları haradan almısan?

Məhəmməddən qabaq Qasımağa dilləndi:

– Ağası Urusiyyətdən göndərib, – dedi. Sonra isə Məhəmmədə dönərək əlavə etdi: -Çıxar, zurnanı da görsün.

Məhəmməd qoltuğundan zurnasını çıxardı və püflədi. Xanın oğlu bu ala-bəzək zurnanı görən kimi ilan vurmuş adamlar təki qapqara qaraldı:

– Nə yaxşıdır?! Mən heç beləsini görməmişəm… Ver mən də çalım.

– Burada ayıbdır, gedək o tərəfdə çalaq, – deyə Məhəmməd camaatdan uzaqlaşaraq həyətin xəlvət bir yerinə çəkilib zurnasını çalmağa başladı. Hələ də özünə gələ bilməyən xanın oğlu yalvarıcı səslə Məhəmmədə dedi:

– Ver, mən də çalım.

Məhəmməd etiraz etmədi. Xanın oğlu böyük bir həvəslə zurnanı çala-çala pəncərənin altında cərgə ilə oturub çay içən kəndlilərə tərəf getməyə başladı. Məhəmməd onu səslədi:

– O tərəfə getmə, ayıbdı

Lakin xanın oğlu ona əhəmiyyət vermədi. Məhəmməd vəziyyəti belə görəndə zurnanı xanın oğlunun əlindən qapdı. Ərköyün böyümüş xan oğluna bundan böyük təhqir ola bilməzdi. O dəqiqə gözləri doldu. Pillələri yeyin-yeyin çıxaraq atasının yanında özünü yerə vurdu. Ömründə, bəlkə də, oğlunu ilk dəfə bu halda görən xan əl-ayağa düşdü:

– Sənə nə oldu? Sənə nə oldu?

– Kəndxudanın oğulları… – deyə boğula-boğula danışan uşaq sözünün ardını gətirə bilmədi.

– Kəndxudanın oğulları səni vurdu? – deyə xan gözlərini qulluqçuya ağartdı. Sonra hirslə yerindən qalxıb kəndxudaya tərəf irəlilədi. Heç bir şeydən xəbəri olmayan kəndxuda dəhlizdə ləzzətlə çay içirdi.

– Axmaq oğlu, axmaq, bu nə cür qoduq böyütməkdir?! Uşaqların Əlixan ağanı döyüblər…

Bundan sonra qulluqçular da kəndxudanın başına yumruq yağdırdılar.

– Baba, vallah mənim qoduqlarım kənddədir, – deyə kəndxuda yalvarıb-yaxarmağa başladı. Lakin qulluqçular onun sözlərinə əhəmiyyət verməyib vurmağa davam edirdilər. Axırda xanın oğlu məsələni açıb söylədi. Dedi ki, kəndxudanın uşaqlarında olan zurnanı istəyir.

Xan tez nökərlərini çağırdı.

– Tez gedib o qoduqlardan zurnanı alıb gətirin!

Nökərlərdən biri hamıdan tez həyət qapısına tərəf qaçdı.

Bu zaman Məhəmmədlə Qasımağa xanlıqdan çıxıb evlərinə doğru yola düzəlmişdilər. Nökər gəlib onlara yetişdi. Uşaqların qabağını kəsərək soruşdu:

– Siz bayaq xanlıqda idiniz?

Məhəmmədlə Qasımağa bir-birinin üzünə baxdılar. Məhəmməd yavaşdan dedi:

– Oradaydıq, nə olsun?

– O çalınan şeyi Əlixandan alıb qaçırdan hansınızdır?

– Zurna mənimdir, vermirəm! Ağam Urusiyyətdən göndərib, vermirəm!

Nökər Məhəmmədi itələyib yerə yıxdı, zurnanı onun əlindən aldı. Sonra isə «Ağam Urusiyyətdən göndərib» – deyə onu yamsıladı. – Ağan qələt eləyib!

Məhəmməd yerdən qalxınca nökər iti addımlarla oradan uzaqlaşdı. O, Qasımağa ilə birlikdə nökərin ardınca götürüldü və xanın həyətinə gəldi.

Bir qədər sonra xan oğlunun pəncərə qabağında oturub zurnanı çalmağa başlaması Məhəmmədlə Qasımağanı hövsələdən çıxardı. Onlar xanın adamlarını söyməyə başladılar. Xan nökərlərinə əmr etdi ki, uşaqların qulaqlarından tutub həyətdən eşiyə atsınlar…

…Günlər ötüb keçir, o hadisəni heç bir şey Məhəmmədin xatirəsindən silə bilmirdi. Xanın oğlunu təklikdə görmək, döymək üçün girəvə axtarırdı…




4


Yazın ən gözəl vaxtı idi. Məhəmməd dayısının dükanı qabağında çardağın dirəyinə söykənmişdi. Gözlərini müştərilərlə danışan dayısından çəkmirdi.

Axırıncı müştəri də çıxıb gedəndən sonra dayısı yerdəki döşəkçələrdən birinin üstündə bardaş quraraq oturdu. Ardınca da Məhəmmədi yanına çağırıb diqqətlə süzdü. Uşağın yaşına görə çox yekə olan uzunsov başını sanki birinci dəfə idi ki, görürdü.

– Nə var, xeyir ola?

– Buyurmuşdunuz ki, bayramdan sonra məni məktəbə qoyacaqsınız, ona görə gəlmişəm.

– Hə, demişdim. Bərəkallah! Demək oxumaq istəyirsən?

– Bəli, dayıcan.

Dayı oturduğu döşəkçənin üstündən qalxdı. Dabanıyatıq ayaqqabılarını geydi. Sonra satmaq üçün yığdığı kitabların arasından birini çıxarıb Məhəmmədə uzatdı.

– Ala, bu da sənin dərs kitabın, diqqət elə ki, cırmayasan ha!… Gedək.

Dayısı bunu dedikdən sonra Məhəmmədin qolundan yapışıb məscidə tərəf yollandı.

Məhəmməd içəri girəndə Qasımağanı, qonşuları Böyükağa, Kiçikağa adlı iki qardaşı da burada görüb sevindi. Keçib mollanın göstərdiyi yerdə oturdu.

Uşaqlar növbə ilə dərslərini oxuduqdan sonra molla üzünü Məhəmmədə tutdu:

– İndi növbə sənindir, gəl görüm.

– De ki, bismillahirrəhmanirrəhim.

– Bis… mil… lahir… rəhmanir… rə…him, – deyə Məhəmməd səsini uzatdı.

– İndi keçək o birisinə… De ki hüvəl fəttahül əlim.

Məhəmməddən səs çıxmadı.

Molla təkrarladı:

– Ay uşaq, səninləyəm, de ki: hüvəl fəttahül əlim.

Məhəmməd axunda, onun eynəyinə, əlindəki çubuğa baxıb susurdu. Sonra birdən soruşdu:

– Axund əmi, mən haradan bilim ki, bu «hüvəl fəttahül əlim» nə deməkdir?

Oğlanın bu sualından mollanın qaşları çatıldı, eynəyinin altından xırda gözləri ilə tərs-tərs ona baxdı, udqundu. Otuz illik məktəbdarlıq dövründə ilk dəfə idi ki, bir şagird ona dərs zamanı belə bir sual verirdi. Doğrudan da, hələ əlif-beyi bilməyən bir şagirddən «hüvəl-fəttahül əlim»i soruşmaq qəribə iş idi!

Məscidə sükut çökmüşdü. Deyəsən, uşaqlar da Məhəmmədin sualından heyrətə gəlmişdilər. Haçandan-haçana molla boğazını arıdıb dedi:

– Yaxşı, sən əlif-beydən başla.

Günorta azanı verilən kimi dərs bitdi. Uşaqlar taxçaya tərəf yüyürdülər. Buraya onların yeməkləri qoyulmuşdu…




5


Məhəmməd ertəsi gün məktəbdən dükana gələndə dayısı gülə-gülə onu qarşıladı.

– Qaç, anana müjdə apar. Atandan teleqraf almışam, gedib Xorasana, ağanı[2 - Şiələrin səkkizinci imamı olan İmam Rzanın məqbərəsi nəzərdə tutulur (red.).] ziyarət edib bura gələcək.

Məhəmmədə elə bil qanad verdilər. İldırım sürəti ilə qaçıb özünü təngnəfəs evə çatdırdı:

– Ana, ay ana, müjdəmi ver, – deyə elə həyət qapısından çağırdı.

– Nə olub, bala? Xeyirdirmi?

– Xeyirdir, xeyirdir! Atam bir-iki aya kimi gəlir.

Bunu eşidən nənəsi Fatı anası Zəhra xanımdan qabaq əlini göyə qaldırdı.

– Sənə çox şükür, Allah! Zəhra xanım isə kimsənin eşidə bilməyəcəyi bir səslə:

– İnşallah, oğlum, inşallah! – deyə gözünün yaşını saxlaya bilmədi.

Məhəmməd növbəti bir ayda, demək olar ki, vaxtının çoxunu dayısının qurbanlıq üçün aldığı toğlu ilə keçirdi. Toğlunu Məhəmmədin atası gələndə kəsəcək, ətini yoxsullara paylayacaqdılar. Toğlu da Məhəmmədə öyrəşmişdi. Uşaq hara gedirdisə, o da başını bulaya-bulaya dalınca düşürdü.

Bu gün evdəkilər həmişəkindən tez oyanmışdılar. Məşhəd zəvvarları günortaya kimi qəsəbəyə varid olacaqdılar. Səhər yeməyindən sonra kənd camaatı atlara minib zəvvarların pişvazına çıxdılar. Qasımağa ata tək minmişdi. Məhəmmədi isə dayısı tərkinə almışdı.

Piyada gedənlər gəlib bağların qurtaracağındakı kölgəlikdə dayandılar. Atlılar isə daha da qabağa getdilər. Yarım saat keçməmişdi ki, atlılardan biri çığırdı:

– Gəlirlər!

Ziyarətdən gələnlər başqalarından seçilmək üçün papaqlarının bir tərəfinə barmaq enində ağ parça tikmişdilər. Məhəmməd atasını dərhal tanıdı. «Mənim atam o qırmızı ata minən qarasaqqal kişidir» deyib irəli can atdı. Ata da oğlunu tanıdı. Qüvvətli qolları ilə onu dayısının tərkindən alıb bağrına basdı. Heç kəs eşitməsin deyə yavaşcadan dedi:

– Maşallah, böyük oğlan olmusan!

Məhəmmədin atası öz qapılarında atdan düşdü. Elə oradaca qoyun kəsildi. Həftələrdir dalınca dolanan qoyuna yazığı gəlsə də, Məhəmməd heyifsilənmədi. Axı onu atasına qurban kəsirdilər…

Ertəsi gün səhər Məhəmmədin atası xana gətirdiyi sovqatları bir boxçaya büküb oğlunun qoltuğuna verdi. Bərabər yola düzəldilər. Yalnız xanlıq qapısına çatanda Məhəmməd atasının məqsədini anladı, yerində mıxlanan kimi oldu. Ata dönüb baxdı:

– Niyə durdun, oğlum?

– Hara təşrif aparırsan, ata? – deyə oğlan dəqiqləşdirmək üçün soruşdu və gözlərini atasının üzünə zillədi.

– Xanın hüzuruna.

– O, pis adamdır, ata, oraya getmə.

– Nə üçün pis adamdır, oğlum?

Məhəmməd zurna əhvalatını atasına yerli-yataqlı danışdı. Bu eşitdiklərindən atanın bütün bədəni lərzəyə gəldi. O, bir anlığa fikrə getdi. Görüşə getməsə, ata-baba adətincə ona sovqat aparıb verməsə, xanın qəzəbi tutardı.

– Eybi yoxdur, oğlum, xan adamı döyər də, söyər də, sevər də! – Ata bunu deyib xanın həyətinə girmək istəyəndə Məhəmməd keçib onun qabağında dayandı:

– Qoy o məni heç sevməsin. Ancaq söyməsin də… Getmə, ata! Mən onu görmək istəmirəm.

Uşağın belə təkidindən sonra ata yenidən ayaq saxladı. Öz-özünə: «Çörəyim ondan gəlmir, çırağım ondan yanmır! Qoy cəhənnəm olsun, xan da, onun xanlığı da!» – deyərək oğlunun biləyindən tutub geri döndü.

Axşam Məhəmmədin dayısı onlara gələndə Zəhra xanım dəhlizdə əhvalatı ona danışdı. Dayısı bu işdən narazı qaldı.

– Əlbəttə, yaxşı iş görməyib, – dedi. – Mən Əbdülhəmidi razı salaram ki, sabah getsin.

Sonra da bacısının əri ilə qabaq-qənşər oturub onu dilə tutmağa başladı. Hacı Əbdülhəmid qaynını diqqətlə dinlədikdən sonra qəti səslə dedi:

– Onları yavaş-yavaş adam olmağa alışdırmaq lazımdır. Mən xanın görüşünə getməsəm, o qanar ki, pis iş görüb. Bir də belə eləməz.

– Amma əvəzində sənə də ağır oturar ha!

– Ağır oturar deyəndə ki, mənə nə olacaq? Mülkədar deyiləm, mülkümdən qorxam, vur-tut bir həyətim var, satıb gedərəm Təbrizə.

– Sən nə danışırsan, Hacı qardaş? – Məhəmmədin dayısı bunu eşitcək çiyinlərini təəccüblə çəkərək dedi.

Hacı təmkinini pozmadı:

– Söz odur ki mən xanın görüşünə getməyəcəyəm! Qoy nə bacarır eləsin. Dərziyə dedilər köç, iynəsini yaxasına sancıb yola düşdü. Mənim üçün Təbriz, Petrovsk, İstanbul – hamısı birdir. İşləyən adam hər yerdə keçinəcək.




6


Bir axşam Məhəmmədgili dayısı evlərinə çağırmışdı. Axşam azanından yarım saat keçmiş yola düşəndə ata dedi:

– Məhəmməd, fanarı götür. Fatı xala, sən də qapını bağla, yat. Biz gələndə qapını döyərik.

Onlar getdilər. Fatı nənə bir qədər ev işləri ilə məşğul olandan sonra yerini salıb uzandı. Gözünə yuxu getmədi.

Bir müddət xəyallara daldı, keçmiş günlərini xatırladı. Ər evi, qayınatası, qayınanası yadına düşdü. Vəba xəstəliyi hamını çöl-biyabana salmışdı. Ailədən bircə qayınanası ilə o sağ qalmışdı. Çox keçmədi ki, qayınana da çayda boğulub öldü. Günlərin bir günü isə Fatı xala Əbdülhəmidin atasına rast gəldi. O vaxtdan bu ailəyə bağlandı…

Axşamdan xeyli keçdi. Birdən Fatı xala dəhlizdən hənirti eşitdi. O, çırağı yandırmaq üçün hər zaman yastığının altına qoyduğu kibrit qutusunu götürüb çəkdi. Qarşısında durmuş üzübağlı iki kişini görüb çığırdı:

– Siz kimsiniz?

Həmin kişilər heç nə deməyib Fatı xalanın ağzını dəsmalla bağladılar. Sonra adamlardan biri əlindəki bıçaqla onu hədələyib hərəkət etməməsini tapşırdı. Digəri isə çırağı yandırıb qonşu otağa keçdi. Yarım saatadək ondan xəbər çıxmadı. Qarının nəfəsi daralsa da, gözlərini o biri otağın qapısından çəkə bilmirdi. Yanında duran kişi yorğanı onun başına atdı. Haçandan-haçana kişi qayıdıb gəldi və yoldaşına dedi:

– Mən getdim, sən də bir azdan gəl.

Tezliklə digər kişi də evdən çıxdı. Lakin Fatı nənə onun otaqdan necə çıxdığını hiss etmədi. Xeyli gözlədi. Səs-səda yox idi. Oturduğu yerdə qurcalandı. Dinən-danışan olmadığını görüb ağzındakı dəsmalı açdı. Sonra da yorğanı başından atdı. Ətrafı gözdən keçirdi. Otaqda heç kəs yox idi. Çıraq astanada işıldayırdı. Sandıqxanadakı sandıqların üçünü də açmışdılar. İçindəkiləri töküb-dağıtsalar da, Zəhra xanımın paltarlarından başqa heç nəyə, hətta qızıllarına da dəyməmişdilər. Belə məlum olurdu ki, naməlum adamlar oğurluq məqsədi ilə gəlməyiblər. Fatı nənə məsələni anladı: gələnlər demək istəmişdilər ki, özündən güclülərlə hesablaşmayanın arvadının tumanını apararlar…




7


Xanın mirzəsinin oğlu Məcidlə Məhəmməd həmişə dalaşırdı. Səbəbkar da məktəbdar molla idi. Mirzənin oğlu Məhəmməddən iki il qabaq dərsə başlamışdı. Lakin Məhəmməd gəlib onu da keçmişdi. Molla bunu hər gün Məcidin üzünə vurur, başına çırpırdı. Buna görə də mirzənin oğlunun Məhəmmədi görməyə gözü yox idi. Məcid neçə dəfə müxtəlif bəhanə tapıb savaşmaq istəsə də, Məhəmməd ona baş qoşmamışdı.

Məhəmmədgilin evindən oğurluq olduğu barədə söhbəti bir gün Məcid də eşitdi. Onun fikrincə, həmişə başına qaxınc olan bu oğlandan intiqam almaq vaxtı gəlib çatmışdı. İndi o, anasının paltarlarının yad əllərdə olduğunu Məhəmmədin üzünə vurub onu utandıra, qisasını ala bilərdi.

Məhəmməd məktəbdən çıxarkən Məcidin bir az aralıda durub onu gözlədiyini gördü. Oğlanın fikrini başa düşdüyü üçün dərhal da yolunu dəyişdi. Məcid işi belə görüb onun dalınca addımladı. Bir tin keçməmişdilər ki, özünü Məhəmmədə çatdırdı.

– Necəsən? – deyə Məscid istehza ilə gülümsədi. – Adamın dədəsini yandırıb anasının tumanını belə apararlar ha!

Məcidin sözü ağzında qaldı. Məhəmməd heybəsini qaldırıb hirslə nə vaxt Məcidin başına vurduğunu özü də bilmədi. Oğlanın başı gicəlləndi, kitabları qoltuğundan yerə səpələndi. Məhəmməd vəziyyəti belə görüb götürüldü. Təngnəfəs evə çatanda atası qollarını çirməyib həyətdə dəstəmaz alırdı.

– Nə olubdur? – deyə o, Məhəmmədi pörtmüş halda görüb təəccüblə soruşdu.

Məhəmməd atasına cavab vermək əvəzinə divara söykənib başını qolları üstünə qoydu və hönkürtü ilə ağlamağa başladı.

Dəstəmazını yarımçıq qoyan ata oğlunun yanına gəlib:

– Nə olub axı, yoxsa axund vurub? – deyə nəvazişlə Məhəmmədin başını sığalladı.

– Xeyr.

– Savaşıbsan?

– Bəli.

– Kiminlə?

– Mirzə Qəhrəmanın oğlu ilə.

– O səni döydü?

– Yox, mən onu döydüm. Amma… – Məhəmməd bunu deyib içini çəkdi və sözünün dalını deyə bilmədi.

– Əcəb oğlansan!.. Özün döyüb özün də ağlayırsan?

– Axı o mənə başqa söz dedi.

– Nə dedi?

Məhəmməd ağzını açıb nəsə söyləmək istədi, ancaq hıçqırıb susdu. Bu zaman səsə Zəhra xanım da otaqdan çıxıb Məhəmmədin yanına gəldi. Ata təkrar, özü də bu dəfə daha qətiyyətlə soruşdu:

– Axı nə dedi? Danışsana!

– Mənə dedi ki, adamın atasını yandırıb anasının tumanını belə apararlar!

Zəhra xanım bu sözləri eşidincə başını aşağı dikib susdu. Hacının isə hirsindən əlləri əsməyə başladı. Ortaya ağır sükut çökmüşdü. Və bu ağır sükutu elə Hacının özü pozdu:

– Bu, bəlkə də, xeyirliyədir… – Sonra isə üzünü arvadına tutub sözünə davam etdi. –Bu saat gedib yır-yığışa başla, amma səssiz, heç kəs bilməsin! Bunlar o qədər alçaqdırlar ki, qabağımıza adam göndərib yolda soydura da bilərlər.

Zəhra xanım ərinin niyyətini anlayıb gözünün yaşını axıda-axıda otağa qayıtdı.

…Nəinki xan və xanın adamları, hətta bütün xamnəlilər Hacı Əbdülhəmidlə ailəsinin şəhəri tərk eləməsindən onlar Təbrizə yetişəndən sonra xəbər tutdular.

Hacı Əbdülhəmidin ailəsi Xiyaban məhəlləsinə, atasının dostugilə düşdülər. Həmin adam Məhəmmədin atası kimi hacı kişi idi. Yeganə oğlu Məhəmmədəli sarışın, arıq bir oğlan idi. Yaşda Məhəmməddən böyük olsa da, boyca Məhəmmədlə bir idi. Onların dostluğu elə ilk gündən tutdu. İkisi də məşhur məktəbdar Ədibinin yanında oxumağa başladı.

Bir həftədən sonra Məhəmmədin atası Xiyaban məhəlləsində bir ev satın alıb oraya köçdü. Uşaqlar dərsdən azad olan kimi birlikdə bazara gələr, hər kəs öz atasının alver elədiyi hücrəyə gedər, vaxtlarını atalarının yanında keçirərdilər. Məhəmmədəlinin atası badam taciri idi. Hacı Əbdülhəmid isə, əvvəl dediyimiz kimi, Rusiya ilə ticarət edirdi. O, İran mallarını Mahaçqalada olan qardaşına göndərir, o da həmin malları satıb müqabilində Təbrizə rus malı yollayırdı…




8


Günlər ötür, hər ötən gün Məhəmmədin həyatında dərin iz buraxırdı. O, on beş-on altı yaşlarına gəlib çatmışdı. Məhəmmədəli ilə dostluğu daha da möhkəmlənmişdi. İndi onlar yalnız görüb eşitdikləri ilə kifayətlənmir, biliklərini artırmaq üçün səylə çalışırdılar. Bir gün Məhəmmədəli (Atası badam taciri olduğuna görə ona «Badamçı»da deyirdilər) gəlib Məhəmmədi hücrədən çağırdı:

– Qəribə bir kitab ələ keçirmişəm, gedək oxuyaq.

– Nə kitabıdır?

– Mirzə Fətəli Axundzadənin təmsilləridir.

– Mən onun əsərləri barədə eşitmişəm, – deyə Məhəmməd fikrə getdi. – Bizim mirzə deyir ki, bu əsərlər nədənsə müctəhid[3 - Müctəhid – dini qanunları və ehkamları təfsir və şərh etmək səlahiyyətinə malik baş ruhani (red.)] ağanın xoşuna gəlməyib. Ona görə də dərslərdə oxumağa icazə vermir. Gərək özümüz oxuyaq.




9


Bir dəfə isə Məhəmməd sevinə-sevinə Badamçının yanına gələrək dedi:

– Ağam məni İstanbula göndərir.

– İstanbula?! Doğrudan? Bəh-bəh, kef çəkəcəksən ha! Ancaq səndən bir xahişim olacaq. Tiflisdən keçəndə o təmsilləri yazan adamın qalan əsərlərini də əldə edib bura gətirərsən.

– Təəssüf olsun ki, Tiflis yolu ilə getməyəcəyik. İnşallah, qayıdanda həmin yoldan qayıdarıq. Biz gedəndə malları müşayiət eləməliyik. Heç bilmirəm bu xəbəri anama necə verəcəyəm.

– Niyə, bu, pis xəbər deyil…

– Doğrudur, ancaq sən bilirsən ki, mənim anam burada qəribdir, heç kəslə get-gəli yoxdur, ürəyi çox sıxılır. Üstəlik, iki aydan çoxdur ki, azarlayıb.

– İndi ki belədir, getmə.

– Getməsəm də olmaz… Bu zəhrimar malları burada kim alar?




10


Nəhayət, səfər günü gəlib çatdı. Yola çıxanların hamısından kiçiyi on yeddi yaşlı Məhəmməd idi. O, bığ yeri təzəcə tərləmiş, arıq, ucaboy bir gənc olmuşdu. Gözünə taxdığı eynək uzunsov sifətini bir az dəyirmi göstərirdi. Ovaxtkı İran tüccarlarına xas qara mahuddan papaq qoymuş, uzun ətəkli əntəri geyinmişdi.

Məhəmmədgil yola düzəldilər. Xoydan keçib Seydava kəndinə gəldilər. Bir saat sonra isə buradan çıxıb Qurdik dərəsinə endilər. Otuz kilometr uzunluqda olan bu dərənin lap ortasındakı çayxana heç vaxt adamsız olmazdı.

Onlar gəlib çayxanada oturdular. Çayçı çay gətirəndə tacirlərdən biri Mir Hadı ağa ondan soruşdu:

– Səkmənabad mahalına çoxmu qalıb?

– Bir saat gedəndən sonra dərə qurtarır. Dərədən çıxan kimi isə Səkmənabad mahalı bir şəkil kimi qarşınızda açılacaq, – deyə çayçı sağ əli ilə böyük bir dairə cızıb izahat verdi.

– Bu gün Qaraeyniyə çata bilərikmi?

– Güman etmirəm. Bu səhər keçən dəvələr sizinki idimi?

– Dəvələr yox, yükləri bizim idi, – bu dəfə Məhəmməd dilləndi.

Çayçı başı ilə onu təsdiqləyib əlavə etdi:

– Düzdür, dəvələr Paşa bəyindir. Onlar bəyin yurduna düşəcəklər, siz də atlarınızı birbaş oraya, Paşa bəyin çadırlarına sürün. Ora sizin üçün karvansaradan daha rahat olar. Süfrəsi açıq adamdır.

Onlar çayçının dediyi yerə çatanda günün batmasına iki saatdan da çox qalmışdı. Paşa bəy evdə yox idi: şikara getmişdi. Arvadı Bahar xanımla qızı Dürdanə irəli çıxaraq müsafirlərə xoşgəldin etdilər. Paşa bəyin qırx yaşlı, ancaq xeyli cavan görünən arvadı ilə gözəlliyinə və mərifətinə görə el içində ad çıxarmış on beş-on altı yaşlı qızı qonaqlara gülərüz göstərdilər. Başlarına ipək kəlağayı bağlasalar da, üzləri açıq idi. Məhəmməd Təbrizdə yaşadığı müddətdə bir-iki dəfə gördüyü xarici qadınlardan başqa üzüaçıq qadın görməmişdi. Üstəlik, Bahar xanımla Dürdanənin utanmadan, çəkinmədən söhbət edirdilər. Odur ki Məhəmməd indi bu qadınlara lap mat qalmışdı. Utandığından başını qaldırıb nə qıza, nə də anasına nəzər yetirə bilmirdi. Arada qeyri-ixtiyari olaraq göz qapaqlarını qaldırıb istər-istəməz qıza baxdı. Qızın da gülümsəyərək ona baxması Məhəmmədi daha çox utandırırdı.

Bahar xanımla Dürdanə qonaqlara təzəcə çay vermək istəyirdilər ki, ev sahibi ilə iki nəfər gəldi. Onlar yekə bir dağ keçisi vurub öküzün üstünə bağlamışdılar. Əyin-başları tökülmüş elat uşaqları öküzü araya almışdılar. Uşaqların bir yandan dağ günəşinin, bir yandan da küləyin və yağışın altında qaralan dəriləri polad kimi bərkimişdi.

Çadırlardan kənar dörd yəhərli atın hörükləndiyini görən Paşa bəy evində qonaq olduğunu hələ çox uzaqdan anlamışdı. Bu adama otuzdan çox yaş vermək olmazdı. Əslində isə, yaşı qırx beşi keçmişdi. O, gülərüz, çevik və xoşqılıq bir adam idi.

Paşa bəy çadırlara çatıb birbaşa qonaqların yanına yollandı. Onlarla mehriban salamlaşıb söhbət eləməyə başladı. Bu zaman Bahar xanımla qızı isə böyük sacı üç iri daşın üstünə qoyub elat arasında ən ləziz xörək sayılan sacqovurması tədarükündə idilər.

Bahar xanımın qonaqlara həvəslə qulluq elədiyini görən elat qızları qonaqxanaya işarə ilə Dürdanəyə pıçıldadılar:

– Elçiyə gələnə oxşayırlar ha!

– Çaşmayın! Adamın evinə qonaq gələr.

Qızlardan biri söz atdı:

– Mən bayaqdan göz qoyurdum, o cavan oğlan arada sənə yaman həsədlə baxır. Özü də çox utancaq oğlana oxşayır.

– Nə yaman bicsən, ay qız! Gör nələrə göz qoyur ha! – deyə Dürdanə dilləndi. – Yəqin, şəhərdəki oğlanların hamısı elə belədir, utancaq.

– Bax, beləsi yaxşı olar. Yoxsa o nədir, keçən dəfəki xan oğlu adamı, az qala, gözü ilə yeyəcəkdi.

– Yaxşı, nə demək istəyirsən?

– Onu demək istəyirəm ki, qonaqlarınız, həqiqətən, elçi olsalar, daha o birilər kimi qovmayasan.

Qızlar bu cür söhbətdə ikən Məhəmməd də Əli adlı yol yoldaşı ilə birgə atların hörüyünü dəyişmək üçün qonaqxanadan çıxdı.

Qızla anasının özlərini xeyli sərbəst aparması Məhəmmədi hələ də təəccübləndirməkdə idi. Elə buna görə də atların hörüyünü dəyişib çayın kənarında oturanda Əliyə dedi:

– Ev sahibinin arvadı ilə qızı heç müsəlmana oxşamırlar…

Əli təəccüblə soruşdu:

– Nə üçün?

– Görmürsən üzüaçıq gəzirlər.

– Hələ bu nədir ki! Deyilənə görə, onlar lazım gələndə tüfəng götürüb kişilərlə çiyin-çiyinə vuruşurlar da. Yoxsa bizimkilər kimi… Deyir getmə gözümdən, gedərəm özümdən. Mənimki isə lap betərdir!

– Məgər sən evlisən, Əli?

– Evlisən də sözdür, hələ bir yaşında oğlum da var. – Əli bunu deyib ani sükutdan sonra əlavə etdi: – Babalını sal mənim boynuma, evlənmə, əgər evlənsən də, beləsi ilə evlən, həm sənə arvad olsun, həm də qardaş…

Əli sözünü qurtardıqdan sonra araya səssizlik çökdü. O öz arvadı ilə oğlunun, Məhəmməd də burada görüb bəyəndiyi qızın, yəni Dürdanənin xəyalı ilə fikrə getdi.

Çox çəkmədi ki, hamı çadırlara çəkildi. Qonaqlar da yatdılar. Səhər yenə yol gedəcəkdilər.




11


Ertəsi gün səhər tezdən yola düşən tacirlər bir gün də yol gedib Türkiyə ilə İran sərhəddinə, Qızıldizəyə yetişdilər. Kəndin girəcəyində Ağa Sadıq adlı bir nəfər onları qarşıladı. Sonra isə başda Mir Hadı ağa olmaqla tacirləri gömrükxana rəisinə təqdim etməyə başladı:

– Əfəndim, Hacı Mir Hadı ağa Təbrizin ən məşhur tacirlərindən mərhum Hacı Seyid Hüseyn ağanın oğludur…

Məhəmməd o dəqiqə dönüb Əliyə baxdı. Bu baxmaqla da o, Ağa Sadığın Mir Hadı ağanı «Hacı Mir Hadı» deyə tanıtdırmasından təəccübləndiyini bildirdi.

Ağa Sadıq o birilərin də adının üstünə bir şöhrət əlavə edib gömrükxana rəisinə təqdim elədi. Sonra beş pasportun qiymətini verərək hər adama özü demişkən, bir pasport alıb gömrükxana işlərini qurtardı.

Gömrükxana işləri qurtaran günün sabahı, dan yeri qızarmamış əvvəlcə dəvələr, sonra da müsafirlər yola düşdülər. Onlar birinci gecəni Bayaziddə qalıb ikinci gün Qara Kəlisaya yetişdilər. Sabah Həsənqalaya, o biri gün Ərzuruma çatacaqdılar.

Karvansaraçı çay qaynatmışdı. Müsafirlər adama bir stəkan çay içib, şor-çörək yeyib, atları bayıra çəkdilər.

Karvan irəlilədikcə qorxu azalırdı. Buna baxmayaraq sarban karvanın qaytarılmasını əmr etdi. Karvan təzəcə dönməyə başlamışdı ki, müsafirlərin başı üstündən dörd güllə vıyıldayıb keçdi. Güllələri yolkəsənlər atmışdılar. Mir Hadı ağa dərhal atın cilovunu çəkib dedi:

– Dayan, qardaş, yoxsa bunlar bizi qırarlar.

Soyğunçular karvanı əhatəyə aldılar. Məhəmmədlə Əlinin və sarbanın yolkəsənlərə qarşı saymamazlığı quldurbaşına xoş gəlmədiyi üçün onları möhkəm döydürdü. Dəvələrin zəngini açıb adamların gözlərini bağladılar.

Soyğunçular tacirləri bir gün dolandırandan sonra bir çayın kənarına gətirib gözlərini açdılar. Sarban üzünü quldurların başçısına tutaraq dedi:

– Sən kürd ola-ola elatlıqda xəyanət edirsən. Paşa bəy də sənin kimi elatdır. Onun dəvələrini niyə aparırsan?

– Dəvələr Paşa bəyindir?

– Bəli, onundur… – Sarbandan qabaq Mir Hadı ağa dilləndi.

– Elə isə sizi buraxarıq. Ancaq mallarınız bizdə qalacaq. Gərək öncə öyrənək ki, dəvələr, həqiqətən, Paşa bəyindir, ya yox.

Bunun ardınca quldurbaşı Məhəmmədgilin hərəsinə bir dənə təndir çörəyi, bir də ağ məcdiyə (pul) verib iki tərəfi göstərdi:

– Bax, belə getsəniz, Həsənqalaya çatarsınız, beləsinə getsəniz, düz Ərzuruma çıxacaqsınız. Xoş gəldiniz…

Bundan sonra soyğunçular şərqə tərəf getdilər.

Tacirlər isə öz aralarında xeyli məsləhətləşəndən sonra Ərzuruma getməli oldular. Yolu min bir müsibətlə qət etdilər. Müsafirlər nə olur olsun, özlərini İran konsulxanasına yetirmək istəyirdilər. Çünki soyğunçuların apardığı malları geri qaytarmaq üçün başqa kimdən kömək istəyəcəklərini bilmirdilər.

«Burada əcəm[4 - Əcəm – keçmişdə ərəb olmayan xalqlara və onların nümayəndələrinə, xüsusən, iranlılara, İran əhalisindən olan adamlara verilən ad] konsulu olmaz» sözünü eşidəndə isə elə bil karvandakıların başlarına qaynar su tökdülər. Nəhayət, soraqlaşa-soraqlaşa gəlib Qanbur karvansarayını tapdılar. Bura iranlıların düşərgəsi kimi bir yer idi. Karvansara sahibi Əhməd əfəndi gələn yeni müsafirləri gülərüzlə qəbul edib onların rahatlığını təmin elədi.

Onlar pasportlarını Əhməd əfəndiyə göstərərək başlarına gələn macəranı da danışdılar.

– Ağalara çay verin, – deyə Əhməd əfəndi qulluqçulara səsləndi, sonra isə tələsik karvansaranın çayxanasından çıxdı.

Çox çəkmədi ki, o, başqa bir adamla qayıtdı. İran tacirlərinə məxsus qiyafədə olan bu şəxsin qırx-qırx beş yaşı ancaq olardı. Bu, xoylu Hacı Abdulla idi. O, İran tacirlərinin Ərzurumdakı nümayəndəsi sayılırdı.

Hacı onlara əlindən gələn qədər yaxşılıq etdi.

– Bizlərdə adət belədir ki, qonaqdan haçan gedəcəyini soruşmazlar. Ancaq siz gərək özünüzü ya Təbrizə yetirib xarici işlər idarəsi vasitəsilə mallarınızı tələb edəsiniz, ya da Trabzona gedərək İran konsuluna şikayət edəsiniz. Ərzurum valisinə isə şikayət etməyi məsləhət bilmirəm. Bunun onsuz da faydası olmayacaq.

Belədə tacirlər uzun götür-qoydan sonra Nəhayət, Trabzona gedib konsul vasitəsilə şikayət etməyi qət etdilər. Elə həmin günün səhəri yerli əhalinin «yaylı» adlandırdığı arabasayaq miniklə yola düşdülər. Hacı Abdulla onlara bir neçə lirə verdi. Utana-utana əlindən bu qədər kömək gəldiyini söyləyib üzr istədi. Sonra onları Trabzonda İran tüccarlarının nümayəndəsi sayılan Hacı Məhəmməd Cəfər ağa İsfahanlının yanına göndərdi.

Hacı Cəfər İsfahanlı arıq, uzun, ovurdları batıq bir kişi idi. Qonaqları görüncə soruşdu:

– Ağalar haradan təşrif gətiriblər?

– Vətəndən.

– Bəh, bəh! Yenə əziz vətənin ətri hücrəni doldurdu, – deyə hacı döşəkçənin üstündən durub müsafirləri gülə-gülə qarşıladı.

Mir Hadı ağa hamının əvəzindən təşəkkür edib Hacı Abdullanın yazdığı məktubu ona təqdim elədi. Məktubda Hacı Abdulla müsafirlərə üz verən bədbəxt hadisəni yazmış, Hacı Cəfərin onlara yardım etməsini xahiş istəmişdi.

Kağızda yazılanları oxuduqca Hacının üzündəki bayaqkı şadlıq yavaş-yavaş əriyib yox oldu.

– Siz gərək oradan İrana qayıdaydınız… Lakin artıq iş-işdən keçib. İndi ki buraya kimi gəlibsiniz, gedib Darülsəadətdə (İstanbulda) şikayət edin. Çünki buradakı İran konsulluğu ləğv olub. Hansı vaporla (gəmi ilə) getmək istəsəniz, sizlər üçün bilet ala bilərik. Yenə də deyirəm, nə qədər tez getsəniz, sizin üçün bir o qədər yaxşıdır.

Müsafirlər bir-birinin üzünə baxdılar. Mir Hadı ağa bir daha hamının əvəzindən hacıya təşəkkür etdi:

– İnşallah, İstanbula çatıb sizə köməyinizin müqabilində pul yollayarıq. Orda qohumumuz var.

Məhəmməd onun sözünü kəsdi:

– Mənim İstanbulda qohumum yoxdur, mən Batuma getməliyəm. Batumdakı İslamiyyə müsafirxanəsinin sahibi bizim qohumdur.

– Lap yaxşı, onda sən Batuma gedərsən, – Hacı Cəfər ağa dilləndi. Sonra isə üzünü Mir Hadı ağaya tutub əlavə elədi: – Siz isə İstanbula nisyə vaporu ilə gedə bilərsiniz. Amma bilməlisiniz ki, əgər İstanbulda adamınız gəlib pul verərək sizi vapordan çıxarmasa, heyət sizi Zonquldağdakı daş-kömür mədənlərinə təqdim edəcək. Onlar da borcunuz ödənənə qədər sizi mədəndə işlədəcəklər.

Mir Hadı ağa dilləndi:

– Bizdən dörd nəfəri İstanbula yazın. Bu cavan oğlan isə Batuma gedəcək.

– Oho, bax bu heç yaxşı olmadı. Bu oğlana Batuma getmək üçün mütləq nəqd para lazımdır. Yaxud…

Məhəmməd onun sözünü kəsdi:

– Olmaz ki, mən gəmi ilə İstambula kimi gedəm, oradan məni Batuma qaytarıb yol kirəsini də elə orada alasınız? Batumda mənim qohumlarım çoxdur. Hamısı da varlı-hallı.

– Hə, bax bu başqa məsələ!

– Çox yaxşı, belə də edərik, – deyə Mir Hadı ağa da razılığını bildirdi…




12


Məhəmməd Batumda iki gündən artıq qalmadı. Üçüncü gün bilet alıb Tiflisə getdi. Təbrizdən çıxalı ikinci dəfə idi ki, Məhəmməd səfər yoldaşlarından ayrılırdı…

İstanbul da hesaba alınsa, Tiflis onun gördüyü beşinci şəhər idi. Bu şəhərdə onun ən vacib işi Mirzə Fətəli Axundzadənin qalan əsərlərini tapıb oxumaq idi. Axı dostu Badamçıya söz vermişdi ki, imkan olan kimi əsərlərin üzünü köçürüb ona da göndərəcək.

Məhəmməd Tiflisdə qaldığı müddətdə əsərlərinə məftun olduğu o böyük şəxsiyyətin məzarını ziyarətə də getdi.




13


Tiflisdən Mahaçqalaya – əmisinin yanına gələn Məhəmməd burada bütün vaxtını Qərb ədəbiyyatını mütaliəyə sərf etdi. Daha sonra isə Təbrizə qayıdıb arzuladığı Talibiyyə mədrəsəsinə daxil oldu. Bu vaxtacan o, iki alimin yanında dərs almışdı: Hacı Mirzə Həsəndən fiqh-üsul elmini, Mirzə Əbdüləli Təbrizidən isə nücum elmini öyrənmişdi.

Günlər ötür, hər ötən gün isə ona bir yenilik gətirirdi. Təbriz gəncləri arasında özünə yeni dostlar, yeni həmməsləklər tapmışdı…




14


Üç atlı toz-torpaq yolla çapırdı. Qabaqdakı atlı iyirmi beş yaşlı gənc idi. Arxadan gələn iki atlı isə ondan xeyli yaşlı idilər.

Atlılar Paşa bəyin çadırlarına gəlib çatdılar. Paşa bəy onları görən kimi qarşılarına üç nəfər göndərdi ki, qonaqların atını tutsun.

Gələnlər çadırın qabağında atlarından düşdülər. Paşa bəy onlarla mehriban görüşüb çadırlardan birinə dəvət etdi. İçəri keçən atlılar təklif olunan yerdə oturdular. Gənc atlı Paşa bəylə üzbəüz döşəkçə üstündə əyləşdi. Ona yoldaşlıq eləyən digər iki atlı isə gəncin yanında bardaş qurdular.

Bu zaman qulluqçu qız Səlimə özünü tez Dürdanənin yanına verdi:

– Pis oğlan deyil, ay qız… Kaş elə qismətin bu olsun. Maşallah, üz-gözündən nəciblik yağır.

– Bunun nəyini tərifləyirsən? – Dürdanə dodaqlarını büzdü. – Sənin gözün pis görür… Keçən il bizdə qonaq qalan o tacir oğlan yadındadırmı? Həyalı ona deyərlər!

Bahar xanım qonaqlara xoşgəldin eləyib qayıdanda gözlərinin gülüşündən anlamaq olardı ki, oğlan onun xoşuna gəlib.

– Qızım, gələn Qaraeynili Mir Abdulla ağanın oğludur. Atasının var-dövləti həddən aşıb. Bu da səni istəyənlərdən biridir!

Bu sözlərlə ana qızının fikrini bilmək istədi.

Oğlanı Bahar xanım kimi Paşa bəy də xoşlamışdı. Bəs, görəsən, Dürdanənin cavabı necə olacaqdı? O hələlik susurdu…

Ata ilə ana həmin gecə qızı çağırıb bir daha fikrini soruşdular. Özünü təngə gəlmiş kimi göstərən qız dedi:

– Mən bilmərəm, ixtiyarım sizdədir, başımı hayana kəssəniz, qanım o yana axacaqdır.

Paşa bəylə Bahar xanım Dürdanənin gözlənilməz cavabından sevinib qızlarını öpdülər.

Oğlanın yanınca gələn ağsaqqallar da işin belə asanlıqla düzəlməyindən məmnun oldular. İki günə nişan gətirəcəklərini bildirib qayıtdılar.

Paşa bəy həmin günün səhəri nişan tədarükünə başladı. Yaxın qəsəbədən düyü, qənd almağa adam göndərdi. Qonşu obaların başçılarına, ağsaqqallarına, qəbilə rəisləri və tayfa böyüklərinə xəbərçi yollayıb onları nişan məclisinə dəvət etdi.




15


Ertəsi gün dəvət olunanlar dəstə-dəstə Paşa bəyin çadırları qurulan düzəngaha axışırdılar. Oğlan adamları hamıdan qabaqda idi. Əlli atlıdan ibarət bu dəstənin beş nəfəri qadın (biri oğlanın anası, ikisi bacıları, biri əmisi arvadı, biri də xalası) idi. Oğlanın atası Mir Abdullanın kefi çalır, damağı oynayırdı. O özünə böyük bir arxa tapmış, oğlunu daha böyük bir sərvətə çatdırmış, gələcəyini tamamilə təmin etmişdi. Yolda nişan məclisinə gedənlərlə salamlaşır, onların ehtiramına ehtiramla cavab verirdi.

Birdən hamı heyrət içində qaldı: Paşa bəyin çadırları yox idi, lələ köçüb, yurdu qalmışdı. O qədər çadırdan, atdan, dəvədən, qoyun-keçidən, tay kimi vurulan ticarət mallarından bir nişan qalmamışdı. Hamının ağlından bir fikir keçirdi: «Bu necə olan işdir?! Əgər Paşa bəy qızı vermək istəmirdisə, nə üçün bu qədər camaatı yığıb buraya tökmüşdü?»

Bu sualın cavabını bilmək üçün bir gün əvvəli təsvir etməliyik.

Paşa bəyin mənsub olduğu Təzəli tayfası üçün əziz gün gəlib çatmışdı. Obanın adamları şadlanacaq, tayfanın yeganə qızı, nadir gözəli üçün şirni içiləcəkdi. Birdən uzaqlarda qara buludlar günəşin qabağını kəsdi, hava qaraldı, qara yel əsdi. Şimşək dayanmadan çaxır, göy qızmış nər kimi nərə çəkirdi. Sonra güclü yağış başladı, lap axırda isə coşqun sel düzəngahı ağuşuna aldı. Paşa bəy arvadı ilə sevimli qızının əlindən yapışıb çadırdan çıxanda lap yaxında şimşək oynadı. Onun işığında biyaban açıq-aydın göründü. Obada özünü itirməyən bir adam vardısa, o da Paşa bəy idi. O bilirdi ki, ata minməklə də bu selin qabağından qurtarmaq olmaz. Yubanmadan arvadı ilə qızını ticarət yükləri yığılan yerə çatdırdı. Su onların dizinə çıxır və getdikcə artırdı. O, əvvəlcə qızını, sonra da arvadını yüklərin üstünə çıxartdı. Dönə-dönə tapşırdı ki, yüklərin dəmirindən bərk-bərk tutsunlar. Paşa bəydən başqa bir neçə adam da yüklərin üstünə çıxıb oturmuşdu. Dağ seli bir göz qırpımında çadırları uçurdub tayların toplandığı yerə çatdı. Paşa bəy qışqırdı:

– Özünüzü itirməyin, dəmirlərdən möhkəm yapışın!

Bir az sonra isə Paşa bəyin üstünə oturduğu tay selə qapılıb axırdı. Lakin bu halında da fikri ancaq arvadı ilə qızının yanında idi.

Paşa bəy bilirdi ki, əgər sel onu dağa-daşa çırpmasa, üstündə oturduğu tay onu Qaraquş çəmənində yerə oturdacaqdır. O, ümid edirdi ki, arvadı ilə qızını da burada tapacaqdır.

Paşa bəyin düşündüyü kimi də oldu: Qaraquş çəməninə çatanda sel gücdən düşdü.

Səhər açıldı. Günəş Qaraquş çəmənində yığılıb gölməçələnən sularda əks olunmağa başladı. Dünən bu vaxt hər şeyi – eli, obası, varı -dövləti, vəfalı arvadı, gözəl qızı olan Paşa bəy bu gün bir tuman-köynəkdə çöllərə düşüb öz əzizlərini axtarırdı…




16


İki yüz dəvədən ibarət bir karvan arandan yaylağa ağır-ağır hərəkət edirdi. Hər yeddi dəvənin ovsarı (noxtası) bir nəfərin əlində idi.

Gül-çiçəklə bəzənmiş dağ yolları Xoy şəhərinə gələn müsafirlərə ruh verirdi. Karvanın ehtişamı öndəki kəcavədə oturan uzunsaqqal qocanın varlı-karlı və nüfuzlu şəxs olduğunu bildirirdi. O, Təbriz müdərrisi[5 - Müdərris – mədrəsə müəllimi (red.)] Hacı Pişnamaz ağa idi. Kəcavədə qoca ilə yanaşı, onun arvadı Səriyyə xanım da var idi.

Qocalar bir övlad, lap elə bir kor qız üçün dəfələrlə ata, qatıra, dəvəyə minib müqəddəs yerləri ziyarətə getmişdilər. Ancaq nədənsə indiyədək Allah dərgahında onların iltiması qəbul olunmamışdı.

Nəhayət, dağlıq yol qurtardı, müsafirlər geniş bir düzənliyə yetişdilər. Ətrafdakı mənzərə karvan əhlini lərzəyə salan kimi oldu. Düzü dünyanı su tutub yolu bağlamışdı.

Onlar suyun kənarına yetişdilər. Karvandakılardan biri əli ilə irəliyə işarə edib dedi:

– Ora baxın, bir adam huşsuz düşüb qalıb! Özü də zənən xeylağıdır!

Qadının köməyinə yetişmək üçün karvandakılardan kimsə yerindən tərpənmədi. Hacı Pişnamaz ağa arvadına dedi:

– Deyəsən, qarı, Allah ərzimizi eşidib, duamız müstəcəb olur.

– Necə bəyəm, Hacı ağa!

– O qız xeylağı kim olur-olsun, onu övlad kimi özümüzlə Təbrizə aparmalıyıq.

– İndi ki Allah belə istəyib, nə deyirəm, ağa, mən razı… – bunu deyən qadının sevincindən gözləri doldu.

Hacı Pişnamaz sarbanı çağırıb dedi:

– Gedib baxın, əgər ölməyibsə, gətirin bizim kəcavəyə.

Sarbanın əmri ilə dörd adam oraya yüyürdü.

Bu, bir qız idi. Sanki kiminsə yaxınlaşdığını hiss eləyib gözlərini bir anlığa açdı, sonra təzədən yumdu. Qızı götürüb kəcavəyə uzandırdılar. Karvan yenidən yola düzəldi. Xeyli yol getdikdən sonra isə bir kəndə qayıtdı. Günorta vaxtı kəcavədəki qız gözlərini açdı. Tamam özünə gəldikdən sonra Səriyyə xanım ondan kim olduğunu soruşdu. Qız cavabında Paşa bəyin qızı Dürdanə olduğunu söylədi. Eyni zamanda başına gələnləri nəql elədi.

Karvan bir az da irəlilədikdən sonra Paşa bəyin çadırları olan düzəngaha yetişdi. Karvandakılar ətrafı axtarıb-arayıb çoxlu kişi, qadın və uşaq meyiti tapdılar, hamısını bir-bir dəfn elədilər. Meyiti tapılanlar arasında Bahar xanım da var idi. Paşa bəydən isə xəbər yox idi…

Bahar xanımın boynunda olan qızılları gətirib verəndə Dürdanənin təzədən ürəyi getdi. Sonra ayıldı, anasının nişanələrinə baxdıqda halı bir də xarablaşdı. Onu hər dəfə özünə gətirirdilər, lakin çox keçmədən qız yenə huşunu itirirdi. Son dəfə gözlərini açanda başını Səriyyə xanımın dizi üstündə gördü. O elə hey ağlayır, Allaha yalvarır, Dürdanəyə şəfa diləyirdi. Qız özünə gəldikdən sonra Pişnamaz ağa ilə Səriyyə xanım onu özlərinin yeganə övladı kimi sevəcəklərinə, atasını axtarıb tapacaqlarına söz verdilər. Qoca ər-arvadın vədinə inanan Dürdanənin ürəyi bir az sakitləşdi…




17


Pişnamaz ağanın Təbrizdəki bağlı-bağçalı həyəti, ikimərtəbəli evi, bəzəkli otaqları, böyük çil-çıraqları, kitab dolabları Dürdanəyə qəribə göründü. Ən qəribəsi isə bu idi ki, tanış-bilişlər düz üç ay Səriyyə xanımın görüşünə gəlib-getdilər. Dürdanə fikir eləməsin deyə Səriyyə xanım onu da özü ilə qonaqlıqlara aparırdı.

Pişnamaz ağa ilə arvadının Dürdanəyə məhəbbəti gündən-günə artdığı kimi, Dürdanə də tədricən onlara alışır, onları sevməyə başlayırdı. Bir müddət sonra isə o özünü bu qoca ər-arvadın qızı kimi aparırdı.

Günlər, aylar, illər gəlib keçdi. Dürdanə əməlli-başlı şəhər qızı olmuşdu.

Bir gün Səriyyə xanım ərinə dedi:

– Biz bu qızı nə vaxtacan subay saxlayacağıq? Axı dinimizə görə günah eləyirik.

Kişi diksinən kimi oldu:

– Düz deyirsən, bu işdə Allah özü bizi bağışlasın…

– Sənin tələbələrindən bir yaxşısına versək, necə olar? – deyə Səriyyə xanım ürəyindən keçənləri dilinə gətirdi.

– Başqa yerdən istəyən yoxsa, mən sabah gələcəyinə ümid bağladığım bir oğlanı bura göndərəcəm ki, kitablarımın içindən birini mənə gətirsin. Bu vaxt qız da onu görər.

Həmin günün səhəri Pişnamaz ağa mədrəsəyə gedəndən bir saat sonra qapı döyüldü.

– Ay qız, gör kimdir! – Səriyyə xanım səsləndi.

Dürdanə cəld qapıya getdi. Daha yadına düşmədi ki, çadranın uclarını açıb üzünü gələn adamdan gizlətsin.

– Qapı döyən, kimsən? – deyə qız ahəstə və məlahətli bir səslə soruşdu.

Qapının arxasından bir oğlanın titrək səsi eşidildi.

– Məni Pişnamaz ağa göndərib. Evdə bir kitab var, onu aparacağam.

Bu sözlərdən sonra Dürdanə qapını açıb kənara çəkildi. Gözündə qalın şüşəli eynək olan bu gənci haradasa gördüyünü dərhal xatırlaya bilmədi. Gənc içəri daxil oldu. «Adam da adama bu qədər oxşayar?!» – deyə o öz-özünə pıçıldadı. Oğlanın duruxduğunu qız görsə də, nə pıçıldadığını eşitmədi.

– Kitablar evdə, dolabdadır, buyurun içəri.

Bəli, gələn oğlan Məhəmməddən qeyrisi deyildi. O, həyətdən keçib evə tərəf addımladı. Pəncərə qabağında oturan Səriyyə xanım Məhəmmədə müştəri gözü ilə baxırdı. Oğlanın təzim edib ədəb-ərkanla salam verməsi, qızı görəndə utanması, bir sözlə, özünü həyalı aparması xanımın çox xoşuna gəldi.

Oğlan gedən kimi Səriyyə xanım Dürdanəni yanına çağırdı.

– Sənə bir söz demək istəyirəm, qızım.

Dürdanənin ürəyinə damdı ki, bu adi sözə oxşamır, hər nə isə, kitab almağa gələn oğlan barədə olacaq. Qızın xəyalı Əlvənd dağlarının ətəklərinə uçdu. Evləri, elatları yadına düşdü. Bir vaxt onlarda qonaq qalan qəşəng oğlanı xatırladı. O bu oğlana necə də oxşayırdı! Dürdanə onu yamanca xoşlamışdı. Sonra Dürdanə o dəhşətli gecəni xatırladı və sifətinin rəngi dəyişdi, avazıdı, ürəyi qübar elədi.

– Mənə de görüm, səni o oğlana versək, gedərsənmi?

Dürdanə neçə il qabaq doğma anası Bahar xanıma verdiyi cavabı bu dəfə Səriyyə xanıma verdi:

– Mən bilmirəm, ixtiyar sizindir. Başımı hayana kəssəniz, qanım da o yana axacaq…

Sözünü bitirdikdən sonra Dürdanə xanım otaqdan çıxdı və öz otağına getdi.




18


Beləcə, Pişnamaz ağa ilə Səriyyə xanım arzularına çatdılar. Onlar Dürdanənin toyunu, ilk və ikinci övladını görə bildilər. Vəsiyyətlərinə görə Dürdanə onların yeganə varisi oldu.

Qızı isə hər şeydən çox darıxdıran atasının taleyi idi. Onun meyidi tapılmamışdı, ölüb-qaldısı bəlli deyildi. Elə bil qəlbi ona deyirdi ki, qorxma, atan salamatdır. Qız bu fikirlər içində qovrulur, tez-tez ağlayırdı.




19


Bəs, görəsən, Paşa bəyin aqibəti necə olmuşdu? O, sudan çıxan kimi gözləri qaralmışdı, başı gicəllənmişdi. Ayaqları sözünə baxmadığından arxası üstə yerə yıxılmışdı… Bir azdan gecənin ayazı, soyuq külək onu ayıldanda başına gələn fəlakəti birdən-birə dərk edə bilmədi. Bədəninə üşütmə gəldi, bütün vücudu lərzəyə düşdü.

Paşa bəy hayandan-hayana özünü toparladı, birtəhər gəlib öz yurduna çatdı. Gördüyü mənzərədən onun nə hala düşdüyünü təsvir etmək çox çətindir. Kişinin başına sanki hava gəldi. Elə bil ayağı altından yer qaçdı. Bir müddət yerində quruyub qaldı. Sonra isə uşaq kimi hönkürməyə başladı.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289463) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Lələ – keçmişdə kübar və varlı ailələrdə uşağın tərbiyəsi ilə məşğul olan adam




2


Şiələrin səkkizinci imamı olan İmam Rzanın məqbərəsi nəzərdə tutulur (red.).




3


Müctəhid – dini qanunları və ehkamları təfsir və şərh etmək səlahiyyətinə malik baş ruhani (red.)




4


Əcəm – keçmişdə ərəb olmayan xalqlara və onların nümayəndələrinə, xüsusən, iranlılara, İran əhalisindən olan adamlara verilən ad




5


Müdərris – mədrəsə müəllimi (red.)



Bu tarixi romanında Cənubi Azərbaycanda milli azadlıq hərəkatının rəhbəri, mütəfəkkir və siyasətçi Şeyx Məhəmməd Xiyabaninin həyatından və mübarizəsindən, eləcə də onun rəhbərliyi altında Azadıstan dövlətinin qurulmasından, həmçinin süqutundan danışılır.

Как скачать книгу - "Xiyabani" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Xiyabani" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Xiyabani", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Xiyabani»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Xiyabani" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги серии

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *