Книга - Uzaq sahillərdə

a
A

Uzaq sahillərdə
Həsən Seyidbəyli

İmran Qasımov


Azərbaycan ədəbiyyatı
Bu romanda Azərbaycanın qəhrəman oğlu, “Mixaylo” ləqəbli Mehdi Hüseynzadənin II Dünya müharibəsi zamanı faşistlərin arxasına keçərək göstərdiyi misilsiz şücaətlərdən bəhs edilir.





İmran Qasımov, Həsən Seyidbəyli

UZAQ SAHİLLƏRDƏ





I FƏSİL


Yanvar ayının bazar günlərinin birində Triyest şəhərinin küçələri ilə əlində köhnə vedrə, qoltuğunda böyük kağız topası olan bir qoca kişi gedirdi. Onun tük basmış sifətində laqeyd bir ifadə var idi.

Qoca əriyib horraya dönmüş qarı öz yırtıq ayaqqabıları ilə şappıldada-şappıldada şəhərin fəhlə məhəlləsindəki Müqəddəs Yakov küçəsinə döndü. Bir hasarın qabağında dayandı. Vedrədən fırçanı çıxarıb hasarın daşlarını yapışqanladı, sonra da qoltuğundakı kağızlardan birini oraya yapışdırdı. Bu, italyan və alman dillərində yazılmış bir elan idi. Elanda Triyestin əhalisinə xəbər verilirdi ki, «Mixaylo» ləqəbi ilə məşhur olan partizanın tutulması üçün yüz min marka[1 - Marka – Almaniyada pul vahidi] mükafat təyin edilir.

Bir azdan camaat elanın qarşısına toplaşmağa başladı. Təəccüblü səslər eşidildi:

– Yüz min, nə az, nə azacıq!

– Görəsən, bu Mixaylo onlara nə eləyib?

– Yüz min küçəyə tökülməyib ha!.. Görünür, ovqatlarına yaman soğan doğrayıb!

– Gör kisələrinin ağzını necə açıblar!

Elan yapışdıran qoca adamları laqeyd nəzərlərlə süzüb yoluna davam etdi. Bir azdan həmin elanlara şəhərin hər yerində rast gəlmək olardı. Onlar hasarlara, ağacların gövdəsinə, evlərin divarlarına, bağların çəpərlərinə, mağazaların boş vitrinlərinə, tramvayların şüşələrinə, liman tikililərinə, hətta qədim Roma amfiteatrını xatırladan xarabalıqlara belə yapışdırılmışdı.

Triyest əhalisi elanların qarşısında toplaşaraq bu naməlum adamı – Mixaylonu təsəvvürlərində canlandırmağa çalışırdı. Görəsən, kimdir? Haradandır? Necə adamdır?..

Mixaylonun elanda göstərilmiş nişanələri təxmini idi: «Ortaboylu, qarabuğdayı, enlikürək, qaragöz, göz qapaqları bir qədər ətli, çənəsi çuxurlu…»

Elanlar bəzi yerdə almanların hərbi məlumatları ilə yanaşı yapışdırılmışdı. Bu məlumatlarda bildirilirdi ki, hitlerçilər Şərq cəbhəsində hücumu davam etdirir, yeni-yeni şəhərlər fəth edirlər. Mixaylo haqqındakı elan isə bu xəbərin saxtalığını sübut edirdi.

– Bir halda ki faşistlər… hm… hətta Şərq cəbhəsində də hücuma keçiblər, görəsən, nə üçün bir ovuc partizandan qorxub əl-ayağa düşüblər? – arıq bir qoca kinayə ilə gülümsədi.

– Düzdür, – gözlərindən yorğunluq yağan bəstəboy kişi onunla razılaşdı. – Adam bilmir, nəyə inansın. Onların məlumatlarına, yoxsa bu elana…

Qoca qorxu və ehtiyatla yan-yörəsinə baxdı:

– Keçən həftə Suzana qəsəbəsində alman kinoteatrını partladıblar. Deyirlər, səkkiz saat meyit daşıyıblar…

– Yəqin, Mixaylonun işidir, – bəstəboy kişi qorxu qarışıq bir sevinclə pıçıldayıb yenə nəzərlərini elana zillədi. – Eh, heç burada göstərilən nişanələrlə onu tapmaq olar?!

– Yoxsa, onu tapmaq fikrinə düşmüsən? – qoca soruşdu. Onun səsində gizli bir hədə duyuldu.

Qonşusu gülümsünüb pıçıltı ilə dedi:

– Eh, kaş tapaydım…

Qoca daha da şəkləndi:

– Tapsaydın, neylərdin?

– Heç nə. Onun əlini möhkəmcə sıxardım.

Bu zaman səliqə ilə geyinmiş bir alman zabiti həmin elanlardan birinə yanaşdı. O, şinelinin yaxasını açıb yan cibindən dəri cildli qeyd dəftərçəsini çıxardı və partizanın əlamətlərini tələsmədən köçürməyə başladı.

– Deyəsən, yüz min qazanmaq istəyirsiniz, cənab ober-leytenant, – arxa tərəfdən yaxınlaşan leylək kimi uzun və arıq bir zabit soruşdu.

Ober-leytenant başını döndərmədən cavab verdi:

– Nə üçün də qazanmayım, cənab leytenant? – o, dəftəri büküb cibinə qoyduqdan sonra geri çəkildi.

Leytenantın təəccübdən nitqi tutulmuşdu. O, dilini güclə tərpədərək soruşdu:

– Q… qəribədir, sizin ki arxada gözünüz yoxdur, mənim leytenant olduğumu nədən bildiniz?

– Belə yerdə arxanı da görməyi bacarmaq lazımdır, – ober-leytenant poqonların əksini elan yapışdırılan qara mərmər sütunun üzərində görmüşdüsə də, üzə vurmayıb ciddi bir tövrlə əlavə etdi: – Bunu unutmayın.

Leytenant qaşlarını dartdı və «Hayl Hitler!» deyib uzaqlaşdı.

Mərmər sütun ober-leytenantın da şəklini ayna kimi əks etdirirdi.

O, iyirmi beş yaşlarında ortaboylu, enlikürək bir oğlan idi. Bir qədər ətli göz qapaqlarının altından görünən məxmər kimi qara gözləri, düz burnu və çənəsində balaca bir çuxur var idi. Bir sözlə, onun xarici görkəmi elanda göstərilmiş əlamətlərə uyğun gəlirdi: əgər sifətinə soyuq və təkəbbürlü bir ifadə verməsə idi, yəqin, yoldan keçənlərin çoxu ondan şübhələnərdi.

Ober-leytenant ətrafına göz gəzdirdi.

Onun durduğu yerdən qranit daşlarla döşənmiş sahil görünürdü. Gəmilər burunlarını sahilə dirəyib yan-yana düzülmüşdü. Hərbi nəqliyyat gəmilərindəki top və pulemyotların lülələri göyə tuşlanmışdı.

Səma aydın idi. Sahildə cərgələnmiş binaların arasında «Ekzaltcyor» mehmanxanası və qubernatorun evi diqqəti cəlb edirdi.

Yanvar ayına xas olmayan xoş və ilıq bir hava vardı. Ober-leytenant saatına baxıb ağır addımlarla meydanın o biri başına yönəldi. Bir azdan şəhərin fəhlə məhəllələrinə çatdı.

Bazar günü olmasına baxmayaraq şəhərin küçələrində adam o qədər də çox deyildi. Meyxanalar isə, əksinə, səsli-küylü idi.

Nallı çəkmələrini yerə döyə-döyə küçədən bir dəstə hitlerçi keçdi.

Bazara yaxınlaşdıqca küçələrdəki səs-küy çoxalır, tünlük artırdı.

Ober-leytenant şəhərin mərkəzinə çatdı.

Bahar və yay fəsillərində şəhər daha gözəl görünürdü. Akasiya və şabalıd ağacları şəhərə xüsusi rövnəq verirdi; meydanlarda, bağçalarda və bulvarda palma ağacları vüqarla ucalırdı.

İndi bu palmalar solub-ölgünləşmişdi; şəhərin mənzərəsini cansıxıcı edən yalnız boz divarlı evlər və palmalar deyildi. Şəhər deyəndə ilk növbədə insanlar nəzərdə tutulur. İnsanlar isə süst və ölgün yeriyir, son dərəcə qayğılı və qaşqabaqlı görünürdülər.

Almanlar tərəfindən işğal edilmiş şəhərin siması dəyişmişdi, elə bil şəhərə qara bir damğa vurulmuşdu. Küçələrin asfaltı çat-çat olmuşdu – bunlar ardı-arası kəsilmədən şəhərdən keçib-gedən ağır tankların tırtıllarının izi idi.

Via del Akvedotto küçəsində cərgələnmiş dar ağaclarından üzləri kömür kimi qaralmış adamlar asılmışdı. Asılanlardan birinin köynəyi qana batmışdı, boynundaki ip isə düyün-düyün idi. Yəqin, onu asanda ip bir neçə dəfə qırılmışdı.

Revoltello sarayının yanında esesçilər bir neçə zabitin rəhbərliyi altında şəhər incəsənət muzeyindəki şəkilləri maşınlara yükləyirdilər.

– San Custo kilsəsi haradadır? – ober-leytenant italyan sözlərini yanlış tələffüz edərək küçədəki kor çalğıçıdan soruşdu.

Çalğıçı əlini qabağa uzatdı:

– Düz gedin.

Ober-leytenant yoluna davam etdi.

O, bir neçə dəqiqədən sonra San Custo kilsəsində qoyulmuş Müqəddəs Madonnanın[2 - Müqəddəs Madonna – burada: İsa peyğəmbərin anası sayılan Məryəmə verilən ad] heykəlinin qarşısında dayanmışdı. Mərmərdən yonulmuş Madonna iki mələyin arasındakı taxtda əyləşmişdi. Onun qucağında balaca bir uşaq vardı.

Zabit bu qədim sənət əsərindən böyük zövq alırdı. Gah yerində donub-qalır, gah bir neçə addım geri çəkilir, gah da heykələ yaxınlaşaraq onu diqqətlə gözdən keçirirdi. Hətta yaxınlaşıb heykəlin ətrafını bəzəyən qədim naxışları barmağı ilə sığalladı.

Zabitin sifətindəki soyuq təkəbbür ifadəsi yox olmuşdu. O, heykəlin qarşısında həddən artıq dayandığını hiss edib özünü ələ aldı və cəld ətrafına göz gəzdirdi.

Kilsə, demək olar, boş idi. Əlində çətir tutmuş şişman bir qocadan və iki cavan qızdan başqa bir kimsə yox idi. Bir keşiş də onun kimi heykələ tamaşa eləyirdi.

Zabit qoca keşişə yaxınlaşıb papağını çıxardı və ona xeyir-dua verməsini istədi. Keşiş əlini qaldırıb xaç çəkdi.

– Müqəddəs ata, deyəsən, siz də mənim kimi sənət əsərlərinin vurğunusunuz…

– Bəli, amma sizin kimi zabit öz vaxtını Via Qeqqa küçəsindəki soldatenhaymda keçirsə, daha yaxşı olar…

– Müqəddəs ata, günün hansı saatlarında ora getmək daha münasibdir?

– Gündüz saat 2-də. Sizin zabitlər orada bu vaxt yemək yeyirlər.

– Təşəkkür edirəm.

Bir neçə dəqiqədən sonra ober-leytenant Via Qeqqanın tinindəki balaca bir dəllək dükanının qabağında durmuşdu: deyəsən, kimi isə gözləyirdi.

Küçə ilə hitlerçi feldjandarmlar keçirdilər. Onlar iyirmi nəfərə qədər olardılar. Başlarında parlaq və hündür kaska, döşlərində isə xüsusi jandarm nişanı vardı. Jandarmlar küçədən keçən bütün hərbi qulluqçuları saxlayır və sənədlərini yoxlayırdılar.

Lakin ober-leytenant yaxınlaşan jandarmlara o qədər də əhəmiyyət vermədi. Gözlərini qarşıdakı səki ilə gedən əli çantalı bir alman əsgərinə zilləmişdi. Əsgər sol əli ilə qaragözlü, qara, qıvrımsaçlı gözəl bir italyan qızını qucaqlamışdı.

Çil-çil sifətli, göygöz, ağımtıl qaşlı əsgər çox cavan idi. Ona 19–20 yaş ancaq vermək olardı. Qız isə oğlana nisbətən bir qədər böyük görünürdü. Əsgərin kefi kök idi: qəhqəhə çəkib gülür, qızı qucaqlayıb qulağına nə isə pıçıldayırdı. Qız onun sözlərini dinləyərək diksinir, çiynindəki şala daha bərk bürünürdü.

Ober-leytenant kinayə ilə gülümsündü.

Əsgər yanındakı qızla birbaş jandarmlara tərəf yeriyirdi. Onlar jandarmlara çathaçatda ober-leytenant əsgərin qabağını kəsdi.

Əsgər təqsirkar bir ifadə ilə gözlərini döyərək qeyri-ixtiyari əllərini yanına saldı. Lakin artıq gec idi. Zabit onu danlamağa, söyməyə başladı. Hətta jandarmlar təəccüblə bir-birinə baxıb ayaq saxladılar. Zabit get-gedə qızışır, özündən çıxır, deyirdi ki, iki saatdır onu axtarır, o isə vəzifəsini unudub Triyestin restoranlarında veyillənir, əxlaqsız qızlarla gəzir. Lap axırda isə əlavə elədi ki, onu ancaq kötəklə işləməyə məcbur etmək olar.

Əsgərin yanındakı qız qorxusundan divara tərəf sıçradı və yaxındakı tini burulub gözdən itdi.

Əsgərin yanağı səyriyirdi. O kəkələyərək nə isə deməyə çalışırdı, lakin zabitin yağdırdığı yeni söyüşlər onu bu mənasız cəhddən əl çəkməyə məcbur etdi.

– Bəsdir yanağını dartdın, axmaq! – zabit qışqırdı. – Əminəm ki, səni döyüş meydanında yox, meyxanada pivə parçı ilə vurub şikəst ediblər. Hələ utanmaz-utanmaz döşündə xaç nişanı gəzdirir. Atasının əziz xatirəsinə görə onu, sadəcə, «Körpə» adlandırıram. Heç təsəvvür eləyə bilmirəm ki, eses zabitinin belə axmaq bir oğlu ola bilər. Marş, dalımca!..

Körpə çantasını çiyninə atıb onun dalınca getdi. Feldjandarmların rəisi çeçələ barmağı ilə qaşının arasını qaşıdı: «Lənət şeytana, bu zabiti belə hirsli vaxtında saxlasan, sənə də ağzından çıxanı deyər».

Rəis əllərində çamadan vağzala tərəf gedən iki əsgəri dayandırıb onların sənədlərini yoxlamağa başladı.

Ober-leytenant ilə Körpə beşmərtəbəli qədim bir evə yaxınlaşdılar. Keçmişdə yerli əhalinin fəxr etdiyi bu gözəl bina indi «Döyçe soldatenhaym» adlanırdı.

Ober-leytenant və onun əsgəri «Döyçe soldatenhaym»a girəndə qarşı səkidəki slovenli bir qarı onlara tərəf baxaraq tüpürdü: «Ah, kaş bu ev başınıza uçaydı. Siz olmasaydınız, mənim Mitrim sağ qalardı. Sizi görüm lənətə gələsiniz, cəlladlar!»

O qədər də böyük olmayan vestibüldən[3 - Vestibül – ictimai binaların (məs.: muzey, teatr və s.) girişində geniş yer] yuxarı zərli məhəccərli geniş pillələr qalxırdı. Pillələrin hər iki tərəfindəki mərmər sütunlar, tavandan asılmış büllur çilçıraqlar par-par parıldayırdı.

Yuxarıdan musiqi səsləri eşidilir, xörək ətri gəlirdi. Balacaboylu bir zabit tapança qayışını açıb paltarasana ilişdirməyə çalışırdı. Xörəkpaylayan qadınlar onun yanından ötərək o tərəf-bu tərəfə vurnuxurdular. Nişastalanmış ağ önlüklər və krujeva onlara təntənəli bir görkəm verirdi. Hamısı alman idi. Bu evə ancaq almanlar girə bilərdilər.

Ober-leytenant və Körpə birinci salonun açıq qapısı qarşısında dayandılar. Bura əsgərlərin və kiçik zabitlərin yeməkxanası idi. Hiss olunurdu ki, onlar hələ təzə-təzə yığışmağa başlayıblar. Bir neçə əsgər patefonun yanında dayanıb mahnıya qulaq asır, zarafatlaşıb gülüşürdülər.

Birdən əsgərlər gözlərini onlara zilləmiş ober-leytenantı gördülər. Hamısı farağat durdu.

Zabitin sifəti daş kimi ifadəsiz idi. Əsgərlər xeyli müddət yerlərində donub-qaldılar, səslərini çıxarmadılar. Nəhayət, ober-leytenant onlardan gözünü çəkib üçüncü mərtəbəyə qalxan pillələrə tərəf yönəldi. Körpə əsgərlərə göz vurub öz zabitinin dalınca getdi.

Üçüncü mərtəbədə sakitlik idi, salonun qapısından tünd-qəhvəyi rəngli ağır pərdələr asılmışdı. Zabit etinasız bir hərəkətlə pərdəni aralayıb içəri baxdı. Sonra salona girdi.

O, stolların arasında gəzir, sanki yüksəkrütbəli zabitlərin xörək yeyəcəkləri stolların səliqə-sahmanını yoxlamaq istəyirdi.

– Körpə! – zabit əsəbi səslə əsgəri çağırdı. – Bu dəsmallar xoşuma gəlmir, çox kobuddur!

Körpə zabitin nəyə işarə etdiyini dərhal başa düşüb çiynindəki çantanı yerə qoydu, oradan bir dəstə dəsmal çıxartdı.

Onlar tez-tələsik stollardakı dəsmalları dəyişdirib salonu tərk etdilər.

– Körpə, yeməkdən qabaq əllərini yumaq istəmirsən? – ober-leytenant koridorun o biri başını göstərdi.

Koridorun o başındakı qapılardan birinin üstünə «Yalnız zabitlər üçün» sözləri yazılmışdı.

Körpəyə rast gələn mayor əvvəlcə onu dayandırıb qapıya vurulmuş lövhəni göstərmək istədi. Sonra nədənsə fikrindən daşındı. Bu iyrənc şəhərdə Otto fon Şultsun işi onsuz da başından aşırdı. Vaxtını intizam haqqında boş söhbətlərə sərf etmək istəmədi. Fon Şults özünü daha ciddi işlərdən ötrü qorumalıdır…

Mayor alçaqtavanlı holla[4 - Holl – ictimai binalarda istirahət və ya gözləmə üçün böyük otaq, zal, salon] girdi. Bir neçə zabit piştaxtanın qabağına yığılıb yeməkdən qabaq vermut içirdi.

Balkon qapısının yanında qırmızı peysər qoca polkovnik dayanmışdı. O, əlindəki qayçı ilə siqarın ucunu kəsirdi.

Şults alışqanı yandıraraq onun siqarına yaxınlaşdırdı.

Polkovnik diqqətlə mayora baxdı, onun qaşları təəccüblə yuxarı dartıldı.

– Fon Şults?

Şults yüngülcə baş əydi.

– Hm… – polkovnik gülümsündü. – Mən sizi hələ bığsız kadet[5 - Kadet – orta təhsil verən, eyni zamanda gəncləri hərbi karyeraya hazırlamaq məqsədi güdən qapalı tipli ibtidai hərbi məktəbin tələbəsi] olduğunuz vaxtdan xatırlayıram. Əgər səhv etmirəmsə, sizinlə atanızın malikanəsində görüşmüşdük. Hafizəm məni çox nadir hallarda aldadır. Triyestə çoxdan gəlmisiniz?

– Xeyr, təzəcə gəlmişəm.

– Yəqin ki, fövqəladə səlahiyyətlə gəlmisiniz?

– Xeyr, bu dairədə partizan hərəkatını yatırmaq işləri üzrə gestapo[6 - Gestapo – Hitler Almaniyasında gizli polis] rəisinin müaviniyəm.

– Nə etmək olar! Uğur olsun! – və mətləbə heç dəxli olmadan əlavə etdi: – Sizin rəhmətlik atanız çox yaxşı general idi, bəli, çox yaxşı!

O, baş barmağını kitelinin yaxasına keçirib dabanları üstə dönərək bufetə tərəf yönəldi.

Polkovnikin ötəri dediyi bu tərif mayor fon Şultsu qəzəbləndirdi. O bu sözləri deməklə generala hörmətini bildirməkdən ziyadə, belə bir hörmətli zatın oğlunun, qədim pruss[7 - Pruss – burada: keçmiş alman əyaləti Prussiyada doğulmuş və ya yaşamış xalq] nəslinin nümayəndəsi olan fon Şultsun hərbi karyera seçməkdənsə, polisdə xidmət etdiyinə təəssüflənirdi…

Şults bu dəqiqə böyük məmnuniyyətlə qəliz bir söyüş söyərdi… Nə olar, insanın cəmiyyətdə tutduğu mövqe poqonlarındakı ulduzların sayı ilə təyin edilmir!

Yemək vaxtı yaxınlaşırdı. Zabitlər yavaş-yavaş holldan salona keçməyə başladılar. Şults da onların ardınca tələsdi.

Qoz ağacından hazırlanmış naxışlı qutunun içindəki saat ikini göstərəndə yüksəkrütbəli zabitlər almanlara xas olan dəqiqliklə stolların dalında öz yerlərini tutmağa başladılar. Salondakı kiçik orkestr səsləndi, xörəkpaylayan qadınlar səssizcə o baş-bu başa yüyürüşdülər. Salon zarafat-gülüş səsləri və papiros tüstüsü ilə doldu. Ober-leytenantla əsgər içəri girdilər.

Ober-leytenant yaxındakı stollardan birinin boş olduğunu görüb Körpəyə dalınca gəlməyi işarə etdi.

Ağır çanta əsgərə mane olurdu. O, çantanı çıxarıb stolun altına qoydu və yerini rahatladı.

– Bura zabitlər üçündür, – arıq xörəkpaylayan qadın Körpəyə tərəf əyilib pıçıldadı. – Aşağı mərtəbəyə enin.

Ober-leytenant nəzakətlə etiraz etdi:

– Qoyun bunu zabitlər özləri həll etsinlər.

Arxadan kimsə bağırdı:

– Qalx!

Körpə diksinib yerindən elə sıçradı ki, altındakı stul aşdı. Salondakı zabitlərdən bir neçəsi səs-küy eşidib ayağa durdu.

Ober-leytenant yerindən tərpənməyib arxayın nəzərlərlə uzun, sarıbəniz, yağlanmış saçları laklı qadın ayaqqabısı kimi parıldayan kapitana baxırdı.

– Sənin burada nə işin var?! – kapitan qəzəblə qışqırdı.

Körpənin rəngi qaçdı, yanağı yenə də səyriməyə başladı.

– Bu nədir? – kapitan yenə də bağırıb onun üstünə yeridi. – Nə ağız-burnunu əyirsən!

Bu vaxt ober-leytenant sakit və arxayın bir hərəkətlə ayağa qalxdı.

– Cənab kapitan, əlbəttə, yanağın səyriməsi əsgər üçün o qədər də yaxşı bir şey deyil, lakin bu əsgəri reyxsmarşalın özü təbrik etmişdir.

– Anlamıram! – kapitan təkəbbürlə ober-leytenantı süzdü.

Ober-leytenant sözünə davam etdi:

– O məni ölümdən xilas etmişdir. Rus mərmisi yaxınlıqda partlayan zaman bədəni ilə məni qorudu. Özü isə yaralandı. O əsl qəhrəmandır.

– Lakin bu ona burnunu bizim xörək qablarına soxmaq ixtiyarı vermir. Əgər sizin həyatınızı xilas etmişsə, onu istədiyiniz meyxanada qonaq edə bilərsiniz.

Kapitan stulunu çəkib onların stolunun arxasında əyləşdi. Ober-leytenant Körpəyə baxıb gülümsündü və heç bir şey olmayıbmış kimi onun çiyninə vuraraq dedi:

– Nə olar, Körpə, görünür, bu salonu tərk edib aşağıya enməlisən… Gedək, gedək… Yanağın yaman dartılır. Birdən aşağıda da səni incidərlər, – o, başı ilə əsgərə dalınca gəlməsini işarə etdi. Sonra kapitana dönüb yumşaq bir tövrlə sözünü bitirdi: – Cənab kapitan, mən bu dəqiqə qayıdıram.

Onlar salondan çıxandan sonra kapitan yaxındakı stolun dalında əyləşən sinəsi ordenlərlə bəzənmiş qoca polkovnikə müraciət etdi:

– Gördünüz bu cırtqozu?!

– Onunla ciddi danışmaq pis olmaz, – polkovnik cavab verdi. – Yeməkdən sonra mən onunla haqq-hesab çəkərəm.

– İcazə verin, bunu mən edim. Onun iştahasını necə pozmaq lazım olduğunu mən yaxşı bilirəm. Özü də burada onun üçün yer saxlayıram…

Musiqi çalındı, təbilin gurultulu səsləri altında kürəyi açıq, parıltılı uzun paltar geyinmiş bir qadın qaçaraq salona girdi. O, ilan kimi qıvrılaraq rəqs edir və xırıltılı bir səslə oxuyurdu. Zabitlər Körpənin stəkana qoyduğu dəsmallarla əllərini silərək bu yarımçılpaq qadını alqışlamağa hazırlaşırdılar.

Birdən salona qarışıqlıq düşdü… Qoca polkovnik dəsmalın üstündə yazılar gördü. Əzilmiş kağızı hamarlayıb çeşməyini taxdı, yazını oxuduqdan sonra qəddini düzəltdi. Ucadan əmr verdi:

– Hamı stollardakı dəsmallara baxsın!

Musiqi kəsildi. Kağızlar xışıldamağa başladı. Hərə öz dəsmalındakı bu qısa sözləri oxudu: «Ölümə ölüm!» Bu sözlərin altında isə «Xalq intiqamçıları» yazılmışdı.

– Direktor! – kim isə vəhşicəsinə bağırdı.

Yarımçılpaq rəqqasə özünü itirərək orkestr meydançasının yanında durmuşdu. Çalğıçıların rəngi qaçmışdı.

– Qapıları bağlayın, heç kəsi buraxmayın! – polkovnik bağırdı.

Qorxudan ölümcül hala düşmüş top kimi yumru, balacaboylu bir italyan özünü yetirib soruşdu:

– Bağışlayın, nə olub?..

Əsgərlər yüyürüşərək içəri doluşdular. Xörəkpaylayan qadınlar bir küncə yığıldılar. «Döyçe soldatenhaym»ın bütün xidmətçiləri bu salona toplaşmışdı.

«Görəsən, onların arasında partizan kimdir?» Axtarış başlandı, hitlerçilər o qədər çox idilər ki, böyük zala güclə yerləşdilər…


* * *

Həmin vaxt Triyestin küçələrində müharibə dövrünə xas olan adi həyat hökm sürürdü.

Şəhər tramvayı başqa sərnişinlərlə bərabər ober-leytenantı və onun əsgərini funikulyorla yuxarı aparırdı.

Onlar tramvaydan düşüb sərt qayalıqları dırmaşmağa başladılar. Bu hündürlükdən baxanda aşağıdakı evlər balaca oyuncaqlara oxşayırdı. Onların durduğu yer Opçina adlanırdı.

– Bura bax, Vasya, – ober-leytenant astadan Körpəyə müraciət etdi, – o nə idi, şəhərin içində Anjelikanı qucaqlayırdın?

Vasya gülümsündü:

– Bütün almanlar qızlarla belə gəzirlər.

– Lazım deyil, Vasya. Əvvəla, bu hərəkətin yerli əhalidə Anjelikaya qarşı nifrət oyada bilər. İkincisi də, Anjelika gözəl qızdır, başqaları da sənə baxıb onu qucaqlamaq fikrinə düşərlər.

Vasyanın sifəti ciddi ifadə aldı. Ağımtıl qaşları çatıldı.

– Yaxşı, daha elə hərəkət etmərəm.

Ober-leytenant cib saatına baxıb gözünü Vasyaya zillədi:

– Bu nə deməkdir?

– Nə qədər keçib?

– 28 dəqiqə.

– Otuz olmalıdır.

– Vasya! – qəfil pıçıltı eşidildi.

Onlar səs gələn tərəfə döndülər.

Anjelika onlardan bir az aralıda həyəcanlı vəziyyətdə dayanmışdı.

– Necə oldu? – qız onlara yaxınlaşaraq soruşdu.

Ober-leytenant yenə saatına baxdı.

– Neçədir? – Vasya soruşdu.

Ober-leytenant güclə özünü ələ alaraq cavab verdi:

– Bir dəqiqə ötüb.

Anjelika sualedici nəzərlərlə gah Vasyaya, gah da zabitə baxırdı.

– Heç bir şey başa düşmürəm, – ober-leytenant gözlərini şəhərə zilləyərək dilləndi. – Vasya, axı sən əlüzyuyan otaqda kapsulu sındırdın.

– Hə… 30 dəqiqəlik kapsulu… Bəlkə, onlar stolun altındakı çantanı görüblər?

– Yox, Vasya, hər şey əvvəlcədən yaxşı düşünülmüşdü. Axı dəsmalları nahaq yerə dəyişdirmədik! Vərəqələr onların diqqətini yayındırmalı idi…

Birdən şəhər üzərində uzaqvuran topların yaylım atəşinə bənzər boğuq bir partlayış səsi eşidildi.

Üçü də diksinib şəhərə tərəf çevrildi.

Qeqqa küçəsindən sarımtıl tüstü sütunu qalxıb bir an içində qaraldı, yavaş-yavaş şəhərin üstünə enərək küçələri kül və toz qatı ilə örtməyə başladı.

– Viva aminçi! Yaşasın azadlıq! – Anjelika cingiltili səslə qışqırdı. Sonra gülümsünüb səsini yavaşıtdı və sirr açırmış kimi pıçıldadı: – Yoldaş Mixaylo, heç bilirsiniz, yerli əhali sizi necə adlandırır? Onlar adınızı «Spartak» qoymuşlar.

Birdən yaxındakı qayaların dalından boz rəngli palto geymiş bir adam çıxdı. O, bir sıçrayışla bu üç dostun yanına çatıb onları qayanın dalına itələdi.

Bayaq onların durduğu yerdən indi addımlarını yerə döyə-döyə alman keşikçiləri keçirdilər.

Patrullar uzaqlaşdıqdan sonra gələn adam rahatlıqla nəfəs aldı və Mixayloya tərəf dönərək rus dilində dedi:

– Cavan oğlan, binanı partladanda bir az ehtiyatlı olmaq lazımdır.

Mixaylo qəddini düzəltdi.

– Başa düşmürəm, – deyə yad adamın gözlərinin içinə dik baxaraq təmiz alman dilində təkəbbürlə cavab verdi.

Yad adam gülümsündü:

– Yaxşı, bizim mübahisə etmək üçün vaxtımız yoxdur. Sizinlə mühüm bir məsələ haqqında danışmalıyam.

Mixaylo cavab vermir və nüfuzedici nəzərlərlə təzə gələn adamı süzürdü.

Yad adam dönüb tərəddüdlə Vasyaya və Anjelikaya nəzər yetirdi. Mixaylo da onlara baxdı. Onlar dinməzcə kənara çəkilib söhbətin nə ilə nəticələnəcəyini gözlədilər.

– Briqadanın qərargahına xəbər verin ki, – yad adam sözə başladı, – bu gün bizim təyyarə yeddinci təpənin üstündən uçmayacaq. Həm də mənimlə təzədən görüşmək üçün vaxt təyin etsinlər.

Mixaylo susur, yad adamın bir hərəkətini belə gözdən qaçırmamaq üçün diqqətlə ona fikir verirdi. Naməlum adam ciblərini axtarıb siqaret çıxartdı, birini yandırıb çəkməyə başladı. Mixaylo qutunun üstündə italyan nişanı olduğunu gördü. Lakin bunun məsələyə heç bir dəxli yox idi. Əsas məsələ bu deyildi. Bu adam onu tanıyırdı. Özü də bu gün yeddinci təpəyə təyyarədən yük atılacağını bilirdi.

Naməlum adam köksünü ötürdü:

– Mənə inanmırsınız?.. Çox təəssüf! Müttəfiqlər belə hərəkət etməməlidirlər.

Mixaylo yenə də susurdu, hər şeyi lazımınca fikirləşmək üçün vaxtı uzadırdı. O da siqaret çıxarıb yandırdı.

– Sağlıqla qalın! – naməlum adam dostcasına gülümsündü. – Mən sizi təqsirləndirmirəm. Bəlkə, bu cür də hərəkət etməliydiniz. Sizə yaxşı yol!

– Dayanın! – Mixaylo onu astadan çağırdı.

Naməlum adam dayandı. Mixaylo qəti bir səslə dedi:

– Siz heç yana getməyəcəksiniz. Sizi özümlə aparıram. Yol uzundur. İkilikdə xoş keçər.

Naməlum adam bir qədər fikirləşdikdən sonra yaxınlaşıb əlini onun çiyninə vurdu:

– Nə deyirəm, düzgün qərardır… Demək, ehtiyat edirsiniz… Gedək…

Onlar söhbət edə-edə qayaların dalından çıxdıqda Vasya ilə Anjelika təəccüblə bir-birinə baxdılar.


* * *

«Döyçe soldatenhaym» binası ucalan yerdə indi daş daş üstündə qalmamışdı. Alman və italyan əsgərləri daşları eşələyərək binanın dağıntıları altından meyitləri çıxarırdılar. Əsgərlər daş-torpağın arasından bir əlin uzandığını gördülər. Onlar təsadüfən diri qalan zabiti tirlərin altından güclə çıxara bildilər. Bu, Otto fon Şults idi. Bir qədər sonra Şults dəlicəsinə bağırmağa başladı. Bu səsi eşidən esesçilər hövlnak özlərini onun yanına atdılar. Əsgərlər Şultsun toz-torpağa bulaşmış kostyumunu təmizlədikcə o, əsgərləri söyüb kənara itələməyə çalışırdı. Sanki baş vermiş hadisəyə onlar bais olmuşdular.

Az keçmiş hadisə yerinə bir minik maşını yaxınlaşdı. Maşından düşən iki cavan esesçi və bir həkim qorxudan özlərini itirmiş halda Şultsa yaxınlaşıb farağat durdular.

– Tanrım! – Şultsu müayinə edən həkim təəccüblə səsləndi. – Sizin bədəninizdə heç cızıq yeri də yoxdur! Bununla belə, sizə indi ancaq rahatlıq lazımdır. İcazə verin, sizi maşınla aparım…

Lakin Şults həkimi itələyib piyada yola düzəldi. Gözləri qanla dolmuşdu, sifətindən qəzəb yağırdı. O, gərgin halda fikirləşirdi: «Bu gün mənimlə bir yerdə yemək yeyənlərdən kimsə partizanmış! Bəlkə də, Mixaylo idi? Ola bilər! Gör ha, Şults təcrübəli bir gestapoçu olsa da, onu görə bilməyib! Mixaylo onun burnunun dibində, gözlərinin qabağında təxribat törədib, heç bir cəza çəkmədən də gedib. İndi də, yəqin, heç nə olmamış kimi şəhərdə gəzir».

Birdən Şultsun gözləri Mixaylo haqqında yazılmış elana sataşdı. «Bu partizan kəşfiyyatçının başına təyin edilmiş məbləği artırmaq lazımdır, – deyə o düşündü. – Ancaq onda vəziyyət düzələcəkmi? Yox, daha ciddi tədbirlər lazımdır».

Baş vermiş hadisədən bir saat keçməmişdi ki, Triyestdə hər şey sakitləşib öz yoluna düşdü. Çünki adamlar partlayışlara alışmışdılar. Axı yalnız hitlerçilərin yaşadığı binalar partlayırdı. Dinc əhalinin təşvişə düşməsi üçün heç bir əsas yox idi. Əksinə, onlar hər dəfə partlayış səsi eşitdikdə sevinirdilər.

Şults isə hələ də Triyestin küçələrini gəzirdi. Partlayışdan sonra qulaqlarındakı gurultu hələ çəkilməmişdi, ürəyi də bulanırdı. Öz gəzintisinin mənasızlığını başa düşən Şults, nəhayət, dincəlmək üçün gestapoya tərəf döndü.


* * *

Hava qaralanda Mixaylo öz dostları və qonağı ilə şəhərdən çıxdı. İki saat yol gedib gecəni Prosek qəsəbəsində keçirdilər.

Səhər tezdən yola düşdülər. Hər tərəf dumana bürünmüşdü. Dağa dırmaşmaq isə get-gedə çətinləşirdi. Qabaqda gedən Anjelika qarlı cığırda tez-tez sürüşüb büdrəyirdi. Vasya ona kömək edirdi. Hamıdan axırda Mixaylo gəlirdi. Mixaylo yoldaşlarına təklif etdi ki, dayanıb dincəlsinlər.

Yarımsaatlıq istirahətdən sonra yenə də yollarına davam etdilər. Kəndlərdən keçib dağları aşdılar. Dağlarda yaşayan əhali Mixaylo və onun yoldaşlarını səmimiyyətlə qarşılayır, onları südə, qarğıdalı çörəyinə qonaq edirdi. Triyestdə yaşayanlar italyanca danışırdılar, burada isə hamı sloven dilində danışırdı.

Yolçulara xəbər verdilər ki, partizanları axtarmağa gələn hitlerçilər Komen kəndinə soxulub bir neçə evi yandırmışlar. Lakin hitlerçilər partizanları lazım olduğu yerdə axtarmırdılar. Həmin vaxt partizan briqadasının bölmələri tamam başqa yerdə əməliyyat aparırdılar.

Mixaylo Vasya ilə Anjelikaya Plava kəndində qalmağı tapşırdı. Özü yanındakı qonağı ilə qərargaha yetişəndə artıq hava qaralmış, göydə tək-tək ulduz parlamağa başlamışdı.

Partizan briqadasının qərargahı bir neçə gün idi ki, şəhərin kənarında yiyəsiz qalmış malikanədə yerləşirdi. Triyestin fabrik sahibkarlarından birinə məxsus olan bu malikanə şəhərdən 70 kilometr aralıda, hündür dağın başındakı şam meşəliyində yerləşirdi.

Malikanənin buxarılarında odun yanır, xüsusi dayaqların üstündə isə çayniklər və qazanlar qaynayırdı. Oyaq olanlar silahlarını təmizləyir, paltarlarını yamayır, çay içir, üzlərini qırxırdılar. Tapşırıqdan qayıtmış yorğun adamlar harada gəldi – çarpayılarda, divanlarda, stolların üstündə, kreslolarda və döşəmənin üstündə yatırdılar.

Birdən kimsə qapını taybatay açıb qışqırdı:

– Mixaylo qayıtdı!

Bütün malikanə hərəkətə gəldi. Bu xəbər salondan salona, otaqdan otağa, pilləkəndən pilləkənə adladı.

Partizanlar Mixaylonun əlini sıxır, qucaqlayır, tez-tez çiyninə vururdular.

– Qonağımız da var, – Mixaylo başı ilə qapının yanında tək dayanmış yumşaq şlyapalı adamı göstərdi. – Xahiş edirəm, ona hörmət eləyəsiniz.

Bunu dedikdən sonra əsl adı Mehdi olan Mixaylo belindən iri mauzer sallanan oğlanın qulağına pıçıldadı:

– Onu gözdən qoyma, Silvio!

Mixaylo yüyürə-yüyürə dəhlizi keçdi, qapılardan birini açıb içəri girdi. Üstünə çoxlu kağız və xəritə yığılmış, şamlarla işıqlanan stolun dalından geniş alınlı, xoşsifət bir kişi qalxdı.

– İcazə varmı, yoldaş polkovnik? – Mixaylo şən bir səslə soruşdu.

Polkovnik gülümsəyərək Mixayloya yaxınlaşdı, onu öpüb bağrına basdı.

– Çox sağ ol, Mehdi! Bir həmləyə yüzdən çox zabit və əsgərin öhdəsindən gəlmək zarafat deyil! «Döyçe soldatenhaym»da olanlardan cəmi 3–4 nəfər sağ qalıb. Əyləş.

Mixaylo əyləşdi.

– Bu gün Triyestdəki zabitlər mehmanxanasını partladacaqlar, limanda isə tankeri yandıracaqlar. Özü də iş elə qurulacaq ki, faşistlər bunların da Mixaylo tərəfindən edildiyini düşünsünlər… Qoy elə bilsinlər, Triyestdə təkcə sən əməliyyat aparırsan.

– Axı bu nəyə gərəkdir? Onlar niyə belə düşünməlidirlər?

– Bilirsən, Mehdi, əfsanəvi Mixaylonu tutmaq, onu ələ keçirmək daha çətindir… Vasya haradadır?

– Vasya Plava kəndində gizlənib. Yeni tapşırığa gedəndə cümə günü məni qarşılayacaq…

– Xəbər göndər, gəlsin. Bu hərc-mərclikdən sonra azı bir ay şəhərdə görünməməlisiniz…

– Niyə, Sergey Nikolayeviç? – Mixaylo etiraz etdi. – Bu dəfə ikimiz də əsgər paltarı geyinəcəyik. Özümüzü də kefli kimi aparacağıq. Söz yox ki, Vasyanın yanağı daha səyriməyəcək. Şəhəri də indi yaxşı tanıyıram.

– Olmaz, Mehdi! – Sergey Nikolayeviç qəti səslə dilləndi. – Belə qısa müddətdə bu qədər rola girmək olmaz: kəndli balası, hara isə tələsən işgüzar yefreytor, təkəbbürlü, hər yerdə dava salıb söyüş söyən ober-leytenant… İndi də kefli əsgər olmaq istəyirsən… Qorxuram ki, müharibə qurtarıb evə qayıdanda rəssamlığı buraxıb artist olasan…

Mixaylo papiros yandıra-yandıra dedi:

– Yox, rəssamlıqdan əl çəkən deyiləm, Sergey Nikolayeviç! Bu gün özümü saxlaya bilməyib San Custoya getdim. İnanırsınız, bütün günü orada durub tamaşa eləyə bilərdim…

– Qoy bir görək! Sən dedin, mən də inandım!

– Doğru deyirəm, Sergey Nikolayeviç!

– Yaxşı, yaxşı, inanıram. Komandiri gördün?

– Gördüm. Qərargah rəisi ilə postları yoxlayırdı, – birdən Mixaylo nəsə xatırlayıbmış kimi əlavə etdi: – Az qala söyləməyi unutmuşdum, axı mən tək gəlməmişəm.

– Bəs kimlə gəlmisən?

– Bilmirəm. Ya ingilisdir, ya da amerikalı.

Mixaylo stulunu polkovnikə yaxınlaşdırdı və yad adamla görüşünü, onu bura gətirmək fikrinə necə düşdüyünü qısaca nağıl etdi.

– Mən o qədər də risk eləməmişəm, Sergey Nikolayeviç. Əgər, doğrudan da, müttəfiqlərin adamıdırsa, biz nədən qorxuruq? Yox, əgər düşməndirsə, daha yaxşı! İndi əlimizdən qurtara bilməz.

Polkovnik stula yayxanaraq gülümsündü:

– Naməlum adamı bura gətirməkdə düzgün iş görmüsən. Onun, yəqin, partlayışdan xəbəri olub. Bu məlumatı almanlardan ala bilməzdi. Əgər almanlar əvvəlcədən xəbərdar olsaydılar, «Döyçe soldatenhaym»ı partlatmağa imkan verməzdilər. Deməli, məlumatı bizim adamların birindən alıb. Əgər istəsəydi, yerimizi də tapa bilərdi. Onu buraxsaydın, kim bilir, bunun nəticəsi nə ola bilərdi! Güman etmirəm ki, almanlara işləmiş olsun, əks təqdirdə səni almanların əlinə verərdi.

Bu vaxt otağın qapısı açıldı. Briqadanın komandiri Luici Ferrero içəri girdi. Bu, balacaboylu, çalbığlı bir kişi idi. Briqadanın qərargah rəisi Karranti də onunla gəlmişdi. Karranti çox bacarıqlı, çılğın, lazım gəldikdə isə soyuqqanlı və təmkinli olmağı bacaran bir adam idi. O, briqadada Ferrerodan sonra ən böyük nüfuza malik idi.

Ferrero polkovniklə salamlaşdıqdan sonra Mehdiyə tərəf döndü:

– Bu gün səninlə gələn o adam kimdir?

– Deyir ki, müttəfiqlərin adamıdır. Guya ona tapşırıblar, bizə xəbər versin ki, partlayıcı maddələri təyyarə ilə sabah yox, biri gün tullayacaqlar.

Ferrero bığlarının ucunu gəmirə-gəmirə otaqda gəzişməyə başladı. Sonra qayğıkeş bir ifadə ilə Sergey Nikolayeviçə baxaraq dedi:

– Hə, az qala yadımdan çıxacaqdı. Markos uşaqlarla bərabər tapşırığa gedir. Onlarla görüşüb danışmaq istəmirsən?

Polkovnik başını tərpədib otaqdan çıxdı.

Ferrero stul çəkib əyləşdi. Karranti də oturdu.

Otağa sükut çökdü. Karranti dedi:

– İngilisdir, ya amerikalıdır, nədir, təzə gələn adamı deyirəm, bəlkə, onu sorğu-suala çəkək?

– Amerikalıdır, – otağa qayıdan Sergey Nikolayeviç qəti səslə bildirib qapını arxasınca möhkəm örtdü.

– Onu tanıyırsan, polkovnik? – Ferrero şübhə ilə soruşdu.

Sergey Nikolayeviç dilləndi:

– Bu həmin o adamdır ki, həbs düşərgəsinə gəlib bütün amerikalıları özü ilə apardı… Belə bir işi ancaq gestaponun vasitəsilə görmək mümkün idi. Mən yaralı yatırdım. O əyilib mənə baxdı. Sifəti yaxşı yadımdadır. Soyuq və laqeyd baxışları hələ də xatirimdən silinməyib.

Ferrero yenə də çubuğunu tüstülətdi:

– Sizcə, buraya nə məqsədlə gəlmiş olar?

Sergey Nikolayeviç qətiyyətlə dedi:

– Onun nə məqsədlə gəldiyini müəyyən etmək lazımdır. Ona göz qoymaq lazımdır, verdiyi bütün məlumatı başımıza gələn hadisələrlə tutuşdurmalıyıq.

– Onu yaxşıca dindir, – komandir Karrantiyə əmr etdi.

Karranti komandirin əmrini yerinə yetirmək üçün otaqdan çıxdı.


* * *

Gecədən xeyli keçmişdi.

Karranti tapançasını hazır tutaraq boz paltolu adamı həyətə çıxartdı. Cığırla qayalıqlara tərəf getdilər.

– Yaxşı, nəhayət, mən danışa bilərəm, ya yox? – boz paltolu adam yavaşdan dilləndi.

– İndi danışa bilərsən. Ancaq, Con, yanımla yox, qabaqda get.

– Səninlə bir daha görüşə biləcəyimə ümid etmirdim, Çarlz. Yaxşı ki, Mixaylo haqqında xəbər vermişdin. Onun evi partlatmasına mane olmaq istəmədim. Lakin ondan istifadə eləyib buraya gəldim.

– Sən nə vaxt bir ağıllı iş görmüsən ki? – Karranti istehza ilə cavab verdi.

– Briqadanı 11-ci kvadrata aparmaq lazımdır. Orada briqadanı almanların cəza diviziyası gözləyəcək. Çalış özünü korpusun qərargahına sal. Nə vasitə ilə olursa olsun, komandiri sıradan çıxarmaq lazımdır. Gələcək göstərişləri adi qayda ilə alacaqsan.

– Qurtardın?

– Qurtardım. Lənət şeytana, daha yol yoxdur. Qabaqda uçurumdur.

– İndi dönə bilərsən, Con!

Con döndü. Onlar qayanın başındakı tənha şam ağacının altında durmuşdular. Karranti yavaş səslə dedi:

– Con, dua oxu! İndi səni güllələyəcəyəm.

Conun dizləri titrəməyə başladı.

– Zarafatı burax, Çarlz…

– Con, səni tanıyıblar, mən də, özün bilirsən, qərargah rəisi olana qədər itin əzabını çəkmişəm, – Karranti laqeyd bir səslə izah etdi.

Con nəfəsi tutula-tutula yalvardı:

– Yaxşı, bəlkə, məni birtəhər qaçıra bildin?

– Olmaz! Mən şübhədən kənar olmalıyam, Con…

Con ölümə məhkum edilmiş bir ov kimi onun qabağında dayanmışdı. Birdən Karrantinin üstünə tullandı. Tapança açıldı və Conun cəsədi uçurum aşağı yuvarlandı…




II FƏSİL


Gecəyarısı idi. Mehdi fikrə gedib öz uşaqlıq illərini xatırlayırdı. Ciddi, istiqanlı uşaq olsa da, elə qızğın təbiəti var idi ki, mərc gəlib günortadan ta axşama kimi qızmar günəşin altında uzana bilərdi. Doğrudan da, Novxanı bağlarında olanda bir dəfə günün altında o qədər yatmışdı ki, bütün bədəni sudur olmuşdu. Lakin özünü o yola qoymurdu, guya bədəni heç ağrımırdı.

Mehdi bir dəfə böyük uşaqların öz aralarında mübahisə etdiklərini eşitmişdi: «Kim dama çıxıb oradan özünü suya tullaya bilər?» Lakin oğlanlardan heç biri yerindən tərpənmədi. Onda Mehdi özü pillələrlə dəniz hamamının damına çıxdı. Təkcə böyük oğlanların deyil, hətta yetkin kişilərin belə tullanmağa cəsarət etmədikləri üçüncü tramplin Mehdidən çox-çox aşağıda idi. Mehdi adamların ona heyrətlə baxmasına fikir verməyərək məhəccərin üstünə çıxdı. Bir an gözləri qaraldı, ürəyini vahimə bürüdü. Bir az da keçsə, geri qayıdacaqdı. Ancaq aşağıdan onlarca göz ona dikilmişdi. Məktəb yoldaşları qışqırır, ona ürək-dirək verirdilər. Mehdi yoldaşlarını pərt edə bilməzdi. Çox fikirləşmədən gözəl bir sıçrayışla aşağı tullandı. Dəniz onu ağuşuna aldı. Bir neçə saniyədən sonra yenidən suyun üzünə çıxanda ətrafdakı uşaqlar qışqırır, fit çalır, onu alqışlayırdılar…

Daha sonra Mehdi ikimərtəbəli balaca evlərini xatırladı. Evlərinin qabağında söyüd ağacı bitmişdi. Küçənin o biri tərəfində isə oxuduğu 19 №-li məktəb yerləşirdi. Mehdi öz müəllimi Süleyman Sani Axundova xüsusi məhəbbət bəsləyirdi. Bəlkə, elə buna görə də riyaziyyata, kimyaya fikir verməz, bütün vaxtını ədəbiyyata sərf edərdi. Hələ uşaq vaxtlarından şeir, mənzum nağıllar yazardı. Lakin o, şair olmadı… Mehdi çəkdiyi ilk şəkilləri xatırladı. Onda divar qəzetinin redaktoru, həm də rəssamı idi.

Mehdinin anası öldü. O, qoca, lakin qıvraq bibisinə mehr saldı. Hamı onu «bibi», Mehdi isə «nənə» çağırırdı.

Məktəbi bitirdikdən sonra Mehdi Moskvaya, oradan da Leninqrada yollandı. Leninqradda bakılı yoldaşlarından birini görüb sevindi. Hər ikisi Leninqrad Rəssamlıq Akademiyasına imtahan verməyə hazırlaşırdı. Yoldaşı müsabiqədən uğurla keçib akademiyaya qəbul olundu. Mehdi isə akademiyaya daxil ola bilmədi.

Bakıya boş əllə qayıtmağa utanırdı. Tanışları ona xarici dillər fakültəsini tərifləyirdi. Sənədlərini verib Leninqrad Pedaqoji Xarici Dillər İnstitutuna daxil oldu. Birinci kursdan sözləri elə təmiz tələffüz etməyə başladı ki, müəllim və professorlar heyrətdə qaldılar. O, institutun «Linqvist» divar qəzetinin redaktoru oldu. Tərtib etdiyi qəzetlər şəhər baxışında dəfələrlə birinci mükafat aldı. İndi hər kəs onu leninqradlı hesab edirdi…

Mehdi tez-tez muzeylərə, Peterhofa, Ermitaja gedir, saatlarla sənət əsərlərinə tamaşa edirdi. O, gec-tez rəssamlığa qayıtmağı arzulayırdı… Ancaq institutda da vaxtını boş yerə keçirməmişdi. Fransız, ispan və alman dillərini mükəmməl öyrənmişdi.

1941-ci il gəldi. Mehdi müharibəyə Stalinqrad cəbhəsində girdi. Qızğın döyüşlərin birində onların hissəsi mühasirəyə düşdü. Mehdi ağır yaralanmışdı, lakin yenə də döyüşürdü. Mühasirə halqası daraldıqda, daha doğrusu, düşmənləri beş addımlıq məsafədə gördükdə avtomatın lüləsini sinəsinə dayayıb tətiyi çəkdi… Onun gözləri qaraldı, ətrafa məzar sükutu çökdü. Özünə gəlib gözlərini açanda tanımadığı bir yerdə uzandığını gördü. Hər tərəf almanlarla dolu idi. Mehdi onların addım səslərini, verdikləri əmrləri eşidirdi. Ətrafdakı yaralılar zarıyırdılar… Solğun bənizli, yorğun bir qadın onun başı üstündə dayanıb yarasına yaş dəsmal qoyurdu…

Mehdi xırıltılı bir səslə soruşdu: «Mən haradayam?»

«Olmaz… – qadın astadan cavab verdi. – Bura yaxşı deyil, burada lazımdır sakit…»

Qadın rusca yaxşı danışa bilmirdi. Sonralar Mehdi onun polşalı olduğunu öyrəndi. Onlar həbs düşərgəsində idilər. «Mənim üçün bir az zəhər tap…» – Mehdi xahiş etdi.

Qadın isə eyni sözləri təkrar edirdi: «Olmaz… Olmaz… Sakit lazımdır…»

Mehdinin yarası sağaldıqca onu tez-tez dindirməyə aparırdılar. İstintaq zamanı deyirdi ki, ağır yaradan sonra hafizəsi pozulub. Alman dilini çox gözəl bildiyi üçün faşistlər onu siyahıya alıb nəzarət altında saxlayırdılar. Mehdi özünü onların yanında sərbəst aparırdı, faşistlərdən çəkinmirdi. O, ölümə nifrət bəsləyirdi, indiki həyatını isə ölümdən də betər hesab edirdi. Buna görə də heç bir şeydən çəkinmir, faşistlərlə təkəbbürlə danışırdı…

Sergey Nikolayeviçin səsi onu xəyallardan ayırdı:

– Bilirsən, Karranti sənin qonağını güllələyib.

– Niyə?

– Guya sənin qonağın ona az qala bir milyona qədər pul təklif edib. Deyirmiş ki, pulu alıb bizi 11-ci kvadrata aparsın. Qonaq planının pozulduğunu görəndə qaçmaq fikrinə düşüb. Bərk bir şeylə Karrantini vurub. O da qonağını öldürüb.

– Karranti yaralıdır?

– Hə, başından, yüngülcə… Məsələ ondadır ki, Ferrero «P» yoldaşdan almanların 11-ci kvadrata cəza diviziyası göndərəcəyi haqqında məlumat alıb.

– Deməli, Karranti doğru deyir?

– Belə çıxır ki, doğru deyir.

Sergey Nikolayeviç qalxıb getməyə hazırlaşdı.

– Daha gecdir, sabah əməliyyata gedəcəyik.

– Mən də sizinlə gedəcəyəm, – Mehdi qəti səslə bildirdi.

– Yox, sən dincəl.

– Mənə inanmırsınız, Sergey Nikolayeviç? – Mehdi gülümsündü. – Qorxursunuz, əməliyyatı korlayam!

– Sənə inanıram, Mehdi. Hamıdan çox sənə inanıram. Məhz ona görə də burada qalmalısan. Karranti də burada qalacaq. Başa düşürsən?

– Aydındır, Sergey Nikolayeviç, – Mehdi cavab verdi. – Demək, siz Karrantidən şübhələnirsiniz?

– Bəli, amerikalının başına gələn hadisənin arxasında nə gizləndiyini gərək aydınlaşdıraq.

– Karranti onun yanında nə üçün qaldığımı başa düşməzmi? Axı yaxşı bilir ki, böyük əməliyyatlara gedəndə məni həmişə özünüzlə aparırsınız.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289466) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Marka – Almaniyada pul vahidi




2


Müqəddəs Madonna – burada: İsa peyğəmbərin anası sayılan Məryəmə verilən ad




3


Vestibül – ictimai binaların (məs.: muzey, teatr və s.) girişində geniş yer




4


Holl – ictimai binalarda istirahət və ya gözləmə üçün böyük otaq, zal, salon




5


Kadet – orta təhsil verən, eyni zamanda gəncləri hərbi karyeraya hazırlamaq məqsədi güdən qapalı tipli ibtidai hərbi məktəbin tələbəsi




6


Gestapo – Hitler Almaniyasında gizli polis




7


Pruss – burada: keçmiş alman əyaləti Prussiyada doğulmuş və ya yaşamış xalq



Bu romanda Azərbaycanın qəhrəman oğlu, “Mixaylo” ləqəbli Mehdi Hüseynzadənin II Dünya müharibəsi zamanı faşistlərin arxasına keçərək göstərdiyi misilsiz şücaətlərdən bəhs edilir.

Как скачать книгу - "Uzaq sahillərdə" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Uzaq sahillərdə" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Uzaq sahillərdə", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Uzaq sahillərdə»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Uzaq sahillərdə" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги серии

Книги автора

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *