Книга - Xudafərin körpüsü

a
A

Xudafərin körpüsü
Fərman Kərimzadə


Azərbaycan ədəbiyyatı
Fərman Kərimzadənin “Xudafərin körpüsü“ tarixi romanında Səfəvilər dövlətinin qurucusu və ilk hökmdarı Şah İsmayılın erkən yaşlardan etibarən hakimiyyət uğrunda apardığı gərgin mübarizə oxunaqlı dildə təsvir olunur.





Fərman Kərimzadə

Xudafərin körpüsü





Proloq


Daşın üzü soyuq olur. Nə günəş şüası ilə qızır, nə insan hənirtisi ilə isinir. Bu soyuq, qara, üzü parıltılı daş bir deyildi, iki deyildi… Minlərlə daşı çaylaqlardan götürmüşdülər, karxanalarda yonmuşdular, qabar gücünə, taqətdən düşən diz hesabına dağın sıldırım yalına qaldırmışdılar. Burada yumurta sarısından yoğrulan palçıqla bir-birinə bənd etmişdilər. Bürclər ucaltmışdılar, tağlı darvazalar hörmüşdülər, işıqsız zindanlar qurmuşdular.

Düz baxanda meşəli təpələr, dağlar görünürdü. Bu meşələrin üstündə isə bir zirvə ucalırdı. Başı kəllə qəndə oxşayırdı, aşağı getdikcə qarlı şırımlar açılırdı. Nəhəng ağ saqqallı bu zirvə Savalan dağı idi.

– Ana, Savalanın zirvəsinə çıxsan hara görünər?

– Sən ora çıxa bilməzsən, oğlum. Çox ucadı.

– De görüm hara görünər?

– Haranı görmək istəyirsən, oğlum?

– Bu yanda Təbrizi, o yanda Dəmirqapı Dərbəndi.

Aləmşahbəyim ağlayırdı. Ceyran gözlərindən – qarası mavi, ağı boynundakı «Emruzi bikr» incisi kimi ağ yaş axırdı. O incinin danələrinə bənzəyən gilələr yuvarlanıb düşürdü. Amma yanaqlarında kədər əvəzinə şuxluq, alnında, çatma qaşları arasındakı düyündə ağrı əvəzinə qürur hissi vardı.

– Niyə ağlayırsan, ana? Qorxursan, yıxılam?

– Yıxılmağından qorxmuram, oğul. Sənin Savalana çıxmağını gözlərimin qabağına gətirəndə sevindiyimdən ürəyim kövrəldi.

– Adam sevindiyindən də ağlayarmı, ana?

– Ağlayar, oğlum, ağlayar.

– Onda məni Savalana kimi apar, ətəyinə çatdır, özüm qalxacağam.

Aləmşahbəyimin ürəyi sıxıldı. Qızılgülün əyilmiş yarpağına oxşar dodağını inci parıltılı dişlərinin arasında sıxdı. Qəhər onu boğdu. Sonra bu qəhər əridi, suya çevrildi, ürəyinə axdı elə bil. Daha bu sevincdən deyildi. Özünü zorla ələ aldı. Oğlu onun əlini dartıb cavab istəyirdi.

– Gedərik, oğlum, gedərik.

Hücrənin palıd qapısı yağlanmış kimi parıldayırdı. Çərçivədən iki yerdən qapının eninə paslı, ox ucu şəklində bəndlər uzanırdı. Bu bəndlər yumruq boyda gülmıxla qapıya bərkidilmişdi. Adama elə gəlirdi ki, bu qapını pəhləvanlar var gücləri ilə dartsalar, çətinliklə açılar. Amma İsmayıl əlini atan kimi qapı səssizcə açıldı. İçəriyə gün işığı düşdü. Ananın da, oğulun da gözləri qamaşdı, əllərini qaşlarının üstünə qoymalı oldular. Bu işıq günəşdən deyil, hücrənin qabağındakı daş hovuzdakı sudan əks olunurdu.

Günəş əyilmişdi. Aşağıdakı dərələri, vadiləri, dağları bənövşəyi rəngə çalan kölgə basmışdı. Təkcə qalanın bürclərini və Savalanı günəş işıqlandırırdı.

– Ana, mən darıxıram. Niyə buradan çıxıb getmirik?

– Hara, oğlum?

– Ərdəbilə, evimizə.

– Evimiz yadına gəlirmi?

– Gəlir. Bir ağ at gəlib həyətimizdə ayaqlarını yerə döyüb kişnəyirdi.

Bu sözdən sonra Aləmşahbəyim özünü saxlaya bilməyib hönkürdü. Artıq onun gözləri, qaşları arasındakı düyün də ağlayırdı. İsmayıl təəccüblə dönüb anasına baxdı.

– Sən niyə ağlayırsan? Atın ayağını yerə döyüb kişnəməsinə görə adam ağlayar? Mən uşağam, heç ağlamıram…

Ağlayan Aləmşahbəyim – Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı, ağlamayan uşaq isə Şeyx Heydərin oğlu İsmayıl idi.




Körpə dustaqlar…


Qala divarının üstündəki daş yolla yaşlı bir qadın qaça-qaça gəldi. Uzun qara tumanının ətəkləri ayaqlarına dolaşırdı. Başına yaylıq örtmüş, başqa bir ləçəyi alnından çəpəki keçirib yaylıqla bərabər bağlamışdı. O, Aləmşahbəyimlə İsmayıla çatdı. Gördü ki, Aləmşahbəyim ağlayır, əllərini quru sinəsinə çırpdı.

– Atam-anam niyə ağlayırsan? Canım sənə fəda olsun, bu nə gözyaşlarıdı?

Aləmşahbəyim qala dişləri arasından gözlərini uzaqlara zilləyib yanağından axan yaşı sildi. Cavab vermədi.

– Heç mən də bilmirəm anam niyə ağlayır. İsmayıl kişi kimi xidmətçi qadın Səkinəyə baxdı. Aləmşahbəyim uca, sərv qamətini düzəltdi:

– Səkinə, get süfrəni hazırla, uşaqları da çağır, biz də gəlirik, – dedi.

O öz dərdini özü çəkməyi öyrənmişdi. Qapılarında Ülkər ayaqlarını yerə döyüb kişnəyənə qədər dərdini deməyə sirdaşı vardı. Həmin gündən isə qol-budağı qırıldı, ümid evi yıxıldı.

Səkinə getmirdi. Aləmşahbəyimi ovutmağa çalışırdı.

– Atam-anam, canım sənə fəda, niyə ağlayırsan?

– Səkinə, sənin əslin haradandı?

Səkinə öz taleyindən çox danışmışdı. Lakin, görünür, Aləmşahbəyimin yadından çıxmışdı. Bu qədər dərdin içində adam öz adını da yadından çıxarar.

– Borçalı çökəyi adlı bir gözəl məmləkət vardı. Gəncədən o yana, Tiflisdən bu yana. Orada böyümüşəm. Kim daş deşiyindən çıxır ki. Kənddən qırx qız yığılıb gəzməyə çıxanda hər daşın dalında bir oğlan gizlənib bizə baxırdı. Bir gün bir od gəldi, bir alov qaladı. Kəndimizi yandırdılar. Atam-anam necə oldu bilmədim. Biz qırx qızı zəncirə vurub bazarlarda satdılar. Gəlin olacaqdım, kəniz oldum. Daha qocalmışam, saçlarım da ağarıb. Yaxşı ki, sizin kimi insanların arasına düşdüm. Yoxsa heç bilməzdim günüm necə olacaq.

İsmayıl bu söhbəti ilk dəfə eşidirdi.

– Bəs niyə evinizə getmirsən, Səkinə xala?

– Yollar qıfıllıdı, qurbanın olum.

Aləmşahbəyim əllərini oğlunun çiyinlərinə qoydu. İsmayıl qartal dimdiyinə oxşayan burnunu qaldırıb aydın gözlərini anasına dikəndə o, Səkinəyə deyirdi:

– Səni əsir gətirdilər, eləmi?

– Bəli, qadan ürəyimə.

– Mən də şah qızıyam… Qardaşım taxtda oturub, amma körpə balalarımla dustağam. Sənin mənə köməyin dəyə bilər?

Səkinə onun dərdini yüngülləşdirmək üçün canıyananlıq eləyirdi. İndi Aləmşahbəyim öz vəziyyətini başa salanda Səkinə də ona qoşuldu, sel kimi gözyaşı tökməyə başladı. Ağlaya-ağlaya da çıxıb getdi.

İsmayıl anasına baxdı:

– Ana, mən balacayam. Hələ çox şeyi bilmirəm. Sən də mənə demirsən. Sultanəli də, İbrahim də məndən hər şeyi gizlədirlər. Amma mən görürəm ki, nəsə olub. Nə olub, onu bilmirəm. Sən də ağlayırsan, Səkinə xala da ağlayır, niyə ağlayırsınız?

Aləmşahbəyim əlini oğlunun başına çəkib dedi:

– Böyüyəndə hər şeyi bilərsən.

– Deyin, bilim, mən də tez böyüyüm.

Anası onu qucaqladı. İsmayıl isə dartınıb onun qolları arasından çıxaraq qaçmağa başladı.

– Tut görüm.

Anası da onun dalınca qaçdı. İsmayıl özünü ciddi aparmaq istəyirdi. Amma uşaqlıq özünü göstərdi. Gülə-gülə qaçdı. Anası da onu qovmağa başladı. Amma çata bilmirdi. Onun cəmi-cümlətanı iyirmi səkkiz yaşı vardı. Gözəlliyi cilvələnib qızılgül kimi pardaxlanırdı. Bu yaşda o, al-əlvan geyinməli idi. Amma…

İsmayıl nəsə görüb dayandı. Heyrət içində gözlərini Savalana dikdi. Savalan nəhəng bir gözdağına dönmüşdü.

– Ana, Savalan yanır?

– Yanır, bala, yanır. Sən onun üstünə çıxsaydın, gör nə olardı ey. Ona görə ağlıyırdım da.

– Yox, o məni yandırmaz.

– O yüksəkliyə qalxmaq istəyənlərin çoxu yanıb, oğul.

– Məni yandırmaz. Böyüyəndə çıxacam, görüm o niyə belə qırmızıdı.

Anası heyran-heyran oğluna baxdı. Yaxınlaşıb arxadan onu qucaqladı. Oğlunun saçları onun sinəsinə söykəndi, İsmayıl necə də böyümüşdü.

– Ana, Savalan yanırdı, artıq sönür. Mənə de görüm Savalana qədər belə gömgöy görünən o dağlar, dərələr, düzənlər ki var, ora haradır?

– Ərdəbil mahalı.

– Yox.

– Bəs nədi?

– Vətən!

Ananın sinəsi alışdı. Oğlunu özündən araladı. Soyuq divara söykəndi…

«İsmayıl bu yaşda atasına çəkib. Hələ onun qulağına babasının batin[1 - Batin – daxil, iç, iç üz] fikirləri pıçıldanmayıb. Atasının işlərindən ona heç kəs danışmayıb. Mən yalvarmışam. Sultanəliyə də, İbrahimə də demişəm ki, oğullarım, məni sevirsinizsə, İsmayılı mənim əlimdən almayın. İkiniz atanızın yolu ilə getsəniz bəsdir. İsmayılımı mənə verin. Sizin yolunuz qandır, qadadır, ölümdür. Mən yazığam, gözümü tikməyə bir qibləgahım olsun. O qibləgah da hələ yeddi yaşı tamam olmamış körpəmdir…»

– Ana, bəs niyə biz bu qaladan çıxıb getmirik? Mən o meşələri, qızılgüllü həyətimizi, evimizi görmək istəyirəm.

– Gedərik, oğul, gedərik.

…Şeyx Heydərin bəd xəbərini hamıdan əvvəl onun sevimli atı gətirmişdi; Ülkər qapıda ayaqlarını yerə döyüb kişnəyirdi, az sonra Sultan Yaqubun fərraşları[2 - Fərraş – müxtəlif tapşırıqları yerinə yetirən xidmətçi] həyətə doldular. Əbih Sultan saraydan fərmanla gəlmişdi. O, atının yüyənini dartıb saxlayanda Aləmşahbəyim eyvanda idi. Yas paltarı onun ağ sifətini, yaşlı mavi gözlərini, örpəyin altından görünən qızıl saçlarını daha da işıqlı göstərirdi. Əbih Sultan onu görəndə bir müddət danışa bilmədi. Aləmşahbəyim yaslı-yas lı da gözəl idi. Üstəlik, artıq duldur. Qardaşı Sultan Yaqub da, yəqin ki, bacısını bundan sonra heç bir hökmdara, şahzadəyə verməz. Çünki onda bacısı oğulları da taxt-tac davasına qalxmaq üçün imkan taparlar. Bu səbəbdən də sultan bacısını evləndirsə ancaq aşağı təbəqədən biri ilə evləndirər…

Aləmşahbəyim səsini qaldırıb Əbih Sultanın üstünə qışqırdı.

– Sənə kim icazə verib bu həyətə at üstündə girəsən? Şeyx Heydər yoxdusa da, Uzun Həsənin qızı hələ sağdır.

Əbih Sultan atdan endi.

– Hökmdar fərmanı gətirmişəm.

– O fərmanları çox görmüşük. Rəiyyət qapısına aparmamısan. Çıx həyətdən, fərmanı göndər.

Əbih Sultan atını həyətdən çıxarmalı oldu. Onun adamları evi mühasirəyə almışdı.

Fərmani-hümayunu göndərdi. Aləmşahbəyim onu alıb oxudu. Qardaşı ona başsağlığı verir və onun Təbrizə gəlməsini məsləhət bilirdi. Amma bu məsləhətdə bir hökm də vardı. Yazırdı ki, təziyə məclisi Nəsriyyə məscidində başlayıb. Şeyxin oğullarının və əyalının sarayda olmağı vacibdir.

Bu məktubdan sonra o yumşaldı. Ərinin təziyə məclisinin Təbrizdə başlaması ona hörmət idi. Heydərdən sonra Ərdəbildə oturmağı da yaxşı düşməzdi. Elə fərman gələn gün o, oğullarını da götürüb Təbrizə yola düşdü.

«Səkkiz behişt» sarayında o qardaşı ilə üz-üzə gələndə kövrəldi. Gözləri doldu. Gözləyirdi ki, qardaşı ona başsağlığı verəcək, onun dərdini yüngülləşdirəcək. Amma…

– O dərviş övladından ötrü gözyaşı da tökürsən?

Bu sözdən sonra Aləmşahbəyim hər şeyi başa düşdü.

– Qardaş, bu sənin işindi? Heydəri sən öldürtmüsən?

– O özü atını öz ölümünə doğru dördnala çapırdı.

– Sən öldürtmüsən?

– Sən mənim ana ayrı olsa da, ata bir bacımsan. Ər eldən gələr, övlad beldən gələr, bəs qardaş haradan gələr? Mən onun qanını ala bilərəm. Neçə yüz adam deyirsən boynunu vurdurum. Bütün ölkədə qırx gün təziyə məclisləri saxlatdırım, matəm elan eləyim. Amma qardaşını başa düş. Bu sufi-salik[3 - Sufi-salik – sufi yolçusu] taxtıma göz dikmişdi.

Aləmşahbəyim məsələni anlayıb Çin ipəyindən tikilmiş üstü əjdahalı döşəyin üstünə çökdü. Bu, Sultan Yaqubun acığına gəldi.

– Sən hökmdar qardaşının yanında oturursan?

Aləmşahbəyimin ayaq üstündə dayanmağa taqəti qalmamışdı.

– Gərək əvvəl məni öldürəydin…

– Sənə məlumdur ki, qız olanda ağzına yastıq qoymaq adəti də var. Bundan da heç kimin kefi pozulmayıb. Mən isə bacımı istəməsəydim, onunla belə açıq-saçıq danışmazdım. Şeyx Səfi nəsli niyə sümüyünü gətirib bizim sümüyümüzə calayıb? Bir fikirləş. Nə üçün? Hökmdara yaxın olmaq, imkan düşən kimi onun başını bədənindən ayırıb özü taxta çıxmaq üçün.

Aləmşahbəyim qardaşını dinləyir, gözünün önündə isə əri canlanırdı. Heydərin işıqlı, aydın gözləri ona baxıb gülümsəyirdi. Aləmşahbəyim bu gözlərdə xəyanət axtardı. Tapa bilmədi. Yox, orada məhəbbətdən özgə heç nə yox idi.

Sultan Yaqub deyirdi:

– Mən tez tərpənməsəm, o qılıncını mənim boynuma endirəcəkdi.

Aləmşahbəyim indi də ərinin iri əllərini gördü. Heydər sağ əli ilə belindən açdığı qılıncı divardan asdı, sonra onun həmin əli qartal kimi göydə uçdu və Aləmşahbəyimin qızılı, ənbər qoxulu saçlarına endi. Elə sığalladı ki, bu əlin sığalından bir tük də incimədi.

Sultan Yaqub danışmağa davam edirdi:

– Ərin məni öldürəndən sonra meyitimin üstündə dayanıb deyəcəkdi ki, qardaşını cəhənnəmə vasil eləmişəm, indi nə qədər istəyirsən gəl yol saçlarını.

Bu yerdə Aləmşahbəyim ərinin dodaqlarını gördü. Həmin dodaqlar onun saçlarından öpdü. Sonra aşağı sürüşdü, arvadının alnını, gözlərini öpüşlərə qərq elədi. Axırda da pıçıldadı:

– Gözümün nuru, başımın tacı…

Qardaşı nə qədər danışsa da, Aləmşahbəyim ona inanmadı. Qadın ayağa qalxdı, sonra da başını qaldırıb düz qardaşının gözlərinin içinə baxdı.

– O, taxt-tac hərisi deyildi. Onun başının tacı vardı. Ölübsə də, o tac yenə də onundu.

– Tac? Hanı onun tacı?

– Qarşında dayanıb. Yaxşı bil ki, onun tacı həmişə yüksəkdədir. Heç vaxt ayaq altına düşməyəcək.

Sultan Yaqub ucaboy, gövdəli cavan oğlan idi. Yeriyəndə yer titrəyirdi. Ağılda, tədbirdə olmasa da, boy-buxunda atasına çəkmişdi. Bu nəsil kişilərinin hamısı bax belə güclü, qüvvətli, Sara xatundan başqa bütün qızları zərif, incə, ucaboy idilər.

Və indi həmin ucaboy, heybətli, qorxunc Sultan Yaqub zərif, gözəl bacısının düz qarşısında dayandı.

– Mənim düşmənlərimə tac olan bacım. Bacı kimi gözümün işığısan. Amma sənin nə ərin olub, nə də uşaqların. Unut onları…

Aləmşahbəyim qardaşının niyyətini anlayıb onun ayaqlarını qucaqladı.

– Qardaş, qurbanın olum, çıxar xəncərini, doğra məni. Ancaq uşaqlarıma toxunma.

– Qurd balası qurd olar.

– Bəs mən?! Axı onlar mənim də övladlarımdır. Məni öldür, o körpələrə qıyma. Bu dünyada hökm versən də, o biri dünyada cavab verməli olacaqsan. Atalarını öldürdün, bəs deyilmi? Körpələr sənə nə eləyib? Axı sən onların dayısısan. Atamız Uzun Həsən nə vaxt belə bir qəddarlıq eləmişdi?

Sultan Yaqub ayaqlarını bacısının əllərindən qurtarıb xeyli gəzindi və fikirləşdi: «Onların atalarının qətlinə mən fərman vermişəm. Onlar böyüyəndə atalarının düşmənini axtaracaqlar, axırda dayılarına qənim kəsiləcəklər… Bəs o dünyada aqibətim necə olacaq? Bacım düz deyir. Cavab vermək lazım gələcək… Bacımın balaları hələ körpədirlər. Qoy bir az da yaşasınlar. Böyüyüb ərsəyə çatdıqca onları bir-bir aradan götürmək çətin deyil».

– Deyirsən, atamız qəddar deyildi. Bəs qardaşımız Uğurlu Məhəmmədi niyə asdırdı? – Sultan Yaqub dilləndi.

– O düşmənimizə sığınıb atamızın üzünə ağ olmuşdu. Odur ki atamızda heç bir günah görmürəm. O ömrü boyu hansı körpəni öldürmüşdü?! Yox, qardaş heç atamıza oxşamaq istəmirsən.

– Uşaqlarına toxunmasam, atama oxşayarammı?

– Oxşayarsan. Yalvarıram, mənim balalarımla işin olmasın.

Sultan Yaqub dayanıb bacısına, bacısı da ona baxdı. Qardaşının bir anda gözlərini yayındırmağa çalışdığını görüncə Aləmşahbəyim düşündü: «Deməli, günahkar olduğunu başa düşür. Gözlərimin içinə düz baxa bilmədi. Ürəyi də yumşalıb…»

– Bacı, ərinə görə də belə yalvarardınmı?

– Yox.

– Niyə? – Sultan Yaqub bacısının cavabından xoşlanıb qımışdı.

– O kişiydi və istəməzdi ki, onun arvadı ərinə görə hətta doğma qardaşına belə yalvarsın.

– Yaxşı, qoy sən deyən olsun. Hökmümü dəyişirəm. Nə qədər ki, mən taxtdayam, balaların həbsdə olacaqlar.

Bir neçə gündən sonra Aləmşahbəyimi də oğulları ilə bərabər indi salındıqları qalaya gətirdilər.

Artıq dörd il idi ki, həbsdə idilər. Bu qaladan heç yerə çıxmamışdılar. Qalanın qapıları bircə onlara ərzaq gətiriləndə açılırdı. Ən geniş yerləri bürcün üstündəki yol idi, çıxıb gəzirdilər. Tağların arasındakı meydan, su dolu hovuz – uşaqların dünyası ancaq bunlardan ibarət idi.

Ana-bala bürcün üstündəki yolla gəzişərkən İsmayıl göydə quş səsi eşitdi. Dayanıb əlini gözünün üstünə qoyaraq göyə baxdı. Haça səflə uçan quşlar qəribə səslə oxuyurdular.

– Ana, o quşların adı nədi?

– Durnadı, oğlum.

– Onlar uçub hara gedirlər?

– Bağdada.

– Yorulanda hara qonacaqlar?

– Hara xoşlarına gəlsə.

– Qonsunlar da, bura.

– Qaladan Allah da bezardı, bəndə də. Quşların isə qanadları var. Hara xoşlarına gəlirsə, oraya da uçub gedirlər.

Bir anda necə oldusa durnaların səfi pozuldu və onlar gözdən itdilər.

– Ana, onlara nə oldu?

– Oğul, kimsə yerdə daş çevirdi. Daşı döndərəndə durnalar yollarını itirir. Azırlar.

– Kim çevirdi daşı?

– Nə bilim, oğul. O qədər daş çevirənlər var ki, təkcə durnaların yolunu yox, hətta fələyin çərxini belə çevirirlər…

İsmayıl canıyananlıqla durna köçünün arxa-sınca baxır, onların səfinin düzəlməsini istəyirdi. Əlacı olsa, o çevrilən daşı düzəldər, durnaları yenidən səfə düzərdi…

Hovuz olan meydana düşəndə Səkinə onları səslədi:

– Atam-anam, süfrə hazırdı.

– Səkinə xala, nə bişirmisən?

– Atam-anam, vətəni yadıma saldınız, anamın xoşladığı bir xörək bişirmişəm, qurutlu xəngəl.

Aləmşahbəyimlə İsmayıl gəlib çıxanda Sultanəli də, İbrahim də süfrə başında oturmuşdular. Analarını görüb qalxdılar. Onun əlindən öpdülər, anaları da onların üzündən öpdü. Oturdular. İsmayıl da məstlərini[4 - Məst – dəridən və ya başqa yumşaq materialdan tikilən yüngül ayaqqabı] çıxartdı, gəlib süfrə başında bardaş qurdu.

Səkinə iri məcməyidə xəngəli gətirib süfrənin ortasına qoydu. Qalaylı mis parçda dağ olmuş yağı bir daha xəngəlin üstündə gəzdirdi. Hücrəni qovrulub qızarmış soğanın xoş ətri basmışdı. Onlar yeməyə başlayanda Səkinə çıxıb o birisi hücrəyə keçdi. Bir azdan oradan saz səsi eşidildi. Elə yanıqlı çalınırdı ki… Hamısı əl saxlayıb qulaq verdilər. İsmayıl əllərini silib qalxdı. Bu səs onu əfsunlamışdı. Qapıdan içəri boylandı. Səkinə oturub cürə sazını basmışdı sinəsinə, çalırdı, özü də necə çalırdı. Hətta İsmayılın gəlməyindən xəbər tutmadı. Gözlərindən sel gedirdi. Bu yanıqlı hava, elə bil əsir götürülən qırx qızı bir-birinə bağlayan paslı zəncirin cingiltisi, o qızların ah-naləsi idi. İsmayıl görürdü ki, Səkinə arvadın özündən, sözündən xəbəri yoxdur. Birdən-birə o, havanı dəyişdi. Səkinə arvad indi sanki bu balaca sazla o paslı kilidləri qırır, zəncirdən qurtulan qırx qız onunla birgə yerinə-yurduna qayıdırdı.

Hava çalınıb qurtaranda Aləmşahbəyim də, digər oğulları da İsmayılın yanında dayanmışdılar.

– Səkinə xala, bu havanın adı nədi? – deyə İsmayıl soruşdu.

– Ruhani.

– «Ruhani» nə deməkdir?

– Atam-anam, nə bilim… Rəhmətlik atam bu havanı çalıb qurtarandan sonra deyərdi ki, Allah rəhmət eləsin. Soruşardıq kimə? Deyərdi şairə. O şairə ki, öz qəzəllərinə, sözlərinə görə onun dərisini soyublar. Həmin şair hürufani[5 - Hürufani – «hürufi» nəzərdə tutulur. Hürufi XIV əsrdə Azərbaycanda meydana gəlmiş, Quranın hərflərindən bir sıra məna və hökmlər çıxaran təriqətə, eyni zamanda bu təriqətə mənsub olan şəxsə deyilirdi.] olub. Aşıqlar da bu havanı onun mərdanəliyinə, igidliyinə qoşublar:

– Şairin adı Seyid İmadəddin Nəsimidir! – deyə Sultanəli dilləndi.

– Nəsimi? O kimdi? – deyə İsmayıl təəccüblə Sultanəliyə baxdı.

– Sus! – Sultanəli barmağını mehribanlıqla onun dodaqlarına qoydu. – Onun adını çəkənin dərisini dırnaqdan tutmuş təpəsinə qədər soyurlar.

– Niyə axı? Onun günahı nə olub?

– Sonra bilərsən. O, hürufi şairdi.

– Hürufi nədir? – İsmayıl qardaşının əlindən yapışıb buraxmır, öyrənməyə çalışırdı.

– Bir-iki kəlmə ilə başa düşmək olmaz. Gərək onun yazdıqlarının hamısını oxuyasan. Əvvəl özümüzü öyrən, sonra.

– Biz kimik?

– Sufi[6 - Sufi – əsas qayəsi kamil insan və ilahi eşq olan dini-fəlsəfi cərəyan, eyni zamanda bu cərəyanın nümayəndəsi].

– Sufi nədir?

İsmayılın bu sualından sonra anası dilləndi:

– Bura haradır?

– Qala.

– Bax, sufilik də budur. Zindandı, qollarda zəncirdi, ayaqlarda kündədi. Sufilər də, hürufilər də özlərinə bu dünyada da cəhənnəm qazanırlar, o dünyada da.

Söhbətləri burada bitdi. Öz hücrələrinə keçdilər…


***

Gecənin bir yarısı qapı döyüldü. Sultanəli qapını açmaq üçün getmək istədi, lakin anası qoymadı. Qapını o özü açırdı. İstəmirdi ki, bəla birdən-birə onun oğullarına gəlsin, odur ki həmişə özünü qabağa verirdi. İndi də belə oldu. Aləmşahbəyim bilirdi ki, qardaşının əmri ilə oğulları böyüdükcə bir-bir aradan götürüləcək. Bu səbəbdən gecələr yuxusu ərşə çəkilirdi. Hətta ərinin xəncərini başının altında saxlayırdı. Yad səs eşidən kimi Səkinə də oyanırdı…

Qapıda ucaboy, Sultan Yaquba bənzər, əyin-başından saray adamına oxşayan bir nəfər dayanmışdı. Aləmşahbəyim geri çəkildi.

– Sən kimsən?

– Bacı, qardaşını tanıya bilmədin?

Aləmşahbəyim diqqətlə baxdı. Gələn digər qardaşı Məsih Mirzə idi. Aləmşahbəyim onu sancdı.

– Günah bacıda deyil. Qardaş bacının dar günündə qeybə çəkilirsə, onu necə tanıyasan?

– Bacımı, onun balalarını bu vəziyyətdə görüncə gözlərim kor olaydı, – Mirzə Məsih belə deyib silahlarını çıxartdı. Sultanəli və yanında dayanan qardaşları dayılarına kinli-kinli baxırdılar. Mirzə Məsih bu baxışların səbəbini anlayırdı, ona görə də dedi:– Sizin yanınıza gəlmək olur bəyəm?! Taxt-tac ehtirası Yaqubun gözlərini tutub, heç nə görmür. Bura girmək üçün nə qədər vaxtdır əlləşirəm. Əbih Sultan olmasaydı, bura yol tapa bilməyəcəkdim.

Aləmşahbəyim qardaşının gəlişindən sevinsə də, eyni zamanda bərk narahat oldu. Aşkardır ki, Mirzə məsih bacısını elə-belə görməyə gəlməyib. «Yəqin ki, uşaqlarla işi yoxdur. Nəsə başqa məqsədi var. Əbih Sultanla birləşibsə, bu hər nədirsə, ayrı məsələdir».

Mirzə Məsih bardaş qurub oturdu. Aləmşahbəyim soruşdu:

– Səndən nə yaxşı, qardaş?

– Gəlmişəm də. Dedim, görüm necəsiniz.

– Necə olacağıq, günümüz xoş, dövranımız çağ…– deyə Aləmşahbəyim kinayə ilə cavab verdi.

Məsih Mirzə uşaqları bir-bir gözdən keçirdikdən sonra yenidən bacısına çevrilib dedi:

– Səninlə ikilikdə söhbətim var.

Aləmşahbəyim oğullarına dedi ki, digər hücrəyə keçsinlər. Bu sözdən sonra uşaqlar könülsüz də olsa, hücrədən çıxdılar.

– Hə, eşidirəm, səni, – Aləmşahbəyim dilləndi.

– Bacı, dərdini təzələsəm də deməliyəm ki, Şeyx Heydərin ölümünə fitva verən adamı tapmışam. Fəzlüllah Hünəci[7 - Fars tarixçisi və səyyahı Fəzlüllah ibn Ruzbеhan Xünci (1457–1521) nəzərdə tutulur.] adlı bir üləma Yaqubu başdan-beyindən çıxarıb. Həm Yaquba, həm də Osmanlı sultanı Bəyazidə məktublar göndərib. Həmin məktublarda da yazıb ki, Şeyx Cüneyd kimi Şeyx Heydər də din yolu ilə getmək əvəzinə, hər yanı ələ keçirmək niyyətindədir. Bu səbəbdən də üsyanlar qaldırır, üstəlik, sufidir, xəyanətkardır. Qardaşımız da bu murdar fitnəkara inanıb və ağılsız davranıb. Tək sənin yox, həm də öz xətrinə iş görməməli, Şeyxə qıymamalı idi. Çünki Şeyx Səfiyyədinin[8 - Şeyx Səfiyyəddin (1252–1334) – sufi alimi, Səfəviyyə təriqəti və Səfəvilər sülaləsinin banisi, Ərdəbil (Səfəvi) hakimliyinin qurucusu. Şeyx Səfiyyəddin eyni zamanda Şah İsmayıl Xətainin ulu babasıdır.] qurduğu binanı uçurmaq fikrinə düşən axmağın yekəsidir. Onun türbəsinin ziyarətinə Hinddən, Çindən, Rumdan, Hicazdan, Dəməşqdən, Bağdaddan, Bəsrədən gəlirlər. Heç Səfiyyəddinin oğlu Sədrəddinə də kimsənin gücü çatmadı. İndi qardaşımız da Şeyx Heydər kimi adamlara arxalanıb səltənəti möhkəmlətmək əvəzinə, onlara qılınc qaldırır. Elə buna görə də ölkənin yarıdan çoxu ona lənət oxuyur.

– İndi məndən nə istəyirsən? – Aləmşahbəyim qardaşının ürəyindən keçənləri yaxşı başa düşsə də, ondan fikrini açıq söyləməsini istəyirdi.

– Düzü, səninlə tamam başqa bir işdən ötrü məsləhətləşməyə gəlmişəm.

– Buyur.

– Səni və balalarını bu müsibətdən qurtarmaq üçün bircə yol var, – Məsih Mirzə belə deyib susdu. Bacısı da dinməyib onun təklifini gözlə-məyə başladı. Belə görünürdü ki, qardaşı fikrini aşkar söyləməyə çətinlik çəkirdi.

Nəhayət, Məsih Mirzə özünü toparlayıb yenidən sözə başladı:

– Sən cavan vaxtında oturub qalmayacaqsan ha. Güclü, qüdrətli bir adama getməyə razılıq versən, o səni də, övladlarını da buradan çıxarar, qanadları altına alar.

– Deməli, mənə elçiliyə gəlmisən, qardaş?

– Elçiliyə yox, fikrini öyrənməyə… Bilmək istəyirəm, mənim bu tədbirim barədə sən özün nə düşünürsən?

– Qüdrətli adam da, yəqin ki, Əbih Sultandı, elə deyilmi?

– Haradan bildin? Əbih Sultan, doğrudan da, qüdrətli adamdır. Ölkənin dirəklərindən biridir.

– O dirək elə güclüdürsə qardaşının laxlamış səltənətini saxlasın da! – Aləmşahbəyim elə hirslənmişdi ki, qarşısındakı qardaşı olmasa, ərinin xəncərini çıxarıb onun köksünə sancardı. O, birtəhər özünü ələ aldı. Ürəyində dedi: «İndi də bu taxt həvəsinə düşüb. Ona görə qardaşını boğmağa da, bacısını kimə gəldi ərə verməyə də hazırdır… »

– Laxlayan dişin çəkilməkdən özgə əlacı yoxdur, bacı, – Mirzə Məsih dedi. – Bu saat Sultan Yaqubun hakimiyyətinin həmin dişdən bir fərqi qalmayıb…

– Deməli, sən də qardaşının başını yemək istəyirsən.

Söz Məsih Mirzəni tutdu. Fikrə getdi. Səsinə bir az da mehribanlıq verib dedi:

– Başını yemək niyə? Qardaşımız bacısını, bacısının uşaqlarını həbsdə saxlamaqla özünü tamam nüfuzdan salıb. Sən gərək mənə kömək əlini uzadasan. Beləcə, ölkə təhlükədən, sən və balaların da həbsdən qurtular…

Aləmşahbəyim əsəbindən yarpaq kimi əsirdi.

– Məni Əbih Sultana ərə verməyin xam xəyaldı, qardaş. Mən öldürülmüş ərimin namusunu dünyanın ən böyük hökmdarına da dəyişmərəm. O ki qaldı sənə hansı yollasa kömək eləməyimə, bu saat özüm qolubağlı dustağam.

Məsih Mirzə bacısının sözlərini sakit qarşıladı.

– Ərə getmək təklifimə bundan başqa bir cavab gözləmirdim. Sağ ol! Halal olsun! Ancaq Şeyxin müridləri mənim tərəfimə keçməsə, işlər yaxşı getməyəcək.

– Mən Şeyx Heydər deyiləm, ola da bilmərəm. Üstəlik, neçə ildir ki, bu qəfəsdəyəm. Heç nədən xəbər-ətərim yoxdur. Yoldan gəlib yorulmusan, bir az dincəl, sonra daha arxayın danışarıq.

– Vaxtım yoxdur. Qayıtmalıyam. Məni gözləyirlər.

Sultanəli qapının dalında dayanıb onların söhbətini dinləyirdi. Dayısının «qayıtmalıyam» kəlməsindən sonra qapını itələyib içəri girdi.

Sultanəli, sənə nə oldu belə? – Mirzə Məsih bacısı oğlunun qəfil hərəkətindən təəccüblənib soruşdu.

– Yox, mən Sultanəli deyiləm. Mən Şeyx Sultanəliyəm. Atamın ölümündən sonra Şeyxlik mənə çatıb.

– Maşallah, maşallah, – Mirzə Məsih bu cavabdan sonra qalxıb onu qucaqladı, sonra bacısı oğlunun iti gözlərinə baxdı, ardınca da onun əlindən öpdü. Sultanəli haqlı idi, Heydərdən sonra şeyxlik ona keçmişdi, odur ki indi bütün müridlərin mürşidi bu uşaq sayılırdı[9 - Əsil mənası «doğru yol göstərən» olub, keçmişdə sufi təriqətinə başçılıq edən şeyxlərə «mürşid», onların şagirdlərinə və davamçılarına isə «mürid» deyilirdi.]. Deməli, Məsih Mirzə də, əslində, bacısı ilə yox, Sultanəli ilə danışmalı idi. O hətta bu niyyətini gizlətmədi də:

– Yaxşı deyiblər, on iki imama yalvarınca, bir Allaha yalvar.

Dayısının hansı simə vurduğunu yaxşı başa düşən Sultanəli dedi:

– Dayı, söylədiklərinin hamısını eşitmişəm. Əgər bizi zindandan qurtarmaqla Şeyx Səfi nəslini öz əlində silaha çevirmək istəyirsənsə, mən buna qətiyyən razı deyiləm. Niyə? Çünki müsəlman hökmdarlarının hamısı peyğəmbərin adından danışa-danışa öz bildiklərini eləyiblər. Şeyx Heydərin övladlarının isə qeyrətləri varsa, özləri öz başlarına bir əncam çəkəcəklər. Yoxdursa, onda heç.

Aləmşahbəyim oğluna gözlərini ağartdı ki, dinməsin. Lakin Sultanəli ürəyini boşaltmışdı. Məsih Mirzə isə heyrət içində idi: hələ də inana bilmirdi ki, bir uşaq bu sözləri deyə bilər.

– Bacıoğlu, sizin gücünüzdən istifadə eləyib ölkəni möhkəmləndirmək istəyiriksə, buna sevinmək lazımdır. Həm də unutma ki, nəslinizin kökünü kəsmək istəyənlər də var.

Aləmşahbəyimin fikri isə başqa yerdə idi – oğlunun belə odlu-odlu danışdığını indiyədək eşitməmişdi. Sultanəli həmişə hücrənin bir küncünə çəkilib dəri cildli kitabları vərəqləyirdi. Oxuyurdu, yazırdı, oxuduqlarını yadında saxlamaq üçün təkrarlayırdı. Qardaşı İbrahimlə də məşğul olur, ona oxumaq, yazmaq öyrədirdi. İndi isə birdən-birə beləcə partladı, üsyan elədi. Aləmşahbəyim sevinirdi ki, oğlu belə cəsarətlidir, ağıllıdır. Lakin eyni zamanda ona görə narahat olurdu. Sultanəlinin cəsarəti, ağlı başına bəla ola bilərdi…

Hökmdar üçün iki baş mövcud idi. Birinci baş həmişə sinəsinə əyilməli, «bəli, bəçeşm» deməlidir. Əgər bu baş dikəlirsə, ağılla beyindəki fikirləri söyləyirsə, öz fikrini izhar eləyib hökmdarla razılaşmırsa, onda həmin baş mütləq kəsilib atılmalıdır. Kəsik baş isə danışmır.

Məsih Mirzə isə hələ də əl boyda uşağın kamilliyinə heyrət eləyirdi. O başa düşmüşdü ki, Şeyx Heydərin yerində ona layiq övlad var. Bu səbəbdən də dedi:

– Ya Şeyx, bəyəndim səni, sevdim səni. Sənə biət eləyib inam gətirirəm. Məni də özünə mürid saya bilərsən.

Qardaşının bu sözlərindən sonra Aləmşahbəyim sevindi, ürəyində bir işıq yandı, o işıq böyüyüb günəş boyda oldu, qadının qəlbindəki bütün şübhələri, qorxuları əritdi.

Məsih Mirzə isə bacısı oğlunu öyməyə davam edirdi:

– Bərəkallah sənin dərrakənə. Dayının indiki vəziri sənin yanında boş bir qabdır. Mən taxta çıxan gün bacım oğlunu sağ tərəfimdə oturdacağam.

– Yəni Ağqoyunlu səltənətinin vəziri olacağam, eləmi? – Sultanəli soruşdu.

– Bəli.

– Dayı, bizim nəsildən vəzir çıxmaz.

– Niyə? Elə hazır vəzirsən.

– Vəzir tülkü kimi bic, ürəyində «yox» fikirləşib dilində «bəli» deyən adamlardan olur. Bizim isə ürəyimizlə dilimiz həmişə bir olub. Bu da heç bir hökmdarın xoşuna gəlməyib. Onlar yalanı, yaltaqlığı daha çox xoşlayırlar. Yaltaqlanmasan, fikrini düz desən, onda gərək boynunu qılınc altına verəsən.

Məsih Mirzə tutuldu. «Sultan Yaqub düz fikirləşib. Bunlar vəzirlik yox, hökmdarlıq fikrindədirlər».

– Mənim vəzirim də, hökmdarım da ağıllı olmalıdır. Amma bir şey də var da, bacıoğlu. Şeyx Səfi nəslinin qəlbində daim sirr dolaşır. Elə bir sirr ki, indiyə qədər onu heç vaxt başqalarına açmayıblar. Bəs ürəyinizdəki həmin sirr niyə dilinizə gəlmir?

– Hə, o ayrı məsələdir. – Sultanəli bunu deyib nə vaxtsa bıçaqla yonub naxışladığı çubuğu gətirdi, onu ortadan qırdı, sonra isə dayısına göstərdi. – Bunda təəccüblü bir şey yoxdur ki?

– Nə olmalıdı bəyəm? Ağac parçasıdır də…

Bundan sonra Sultanəli çubuğun bir tərəfini şamın oduna tutdu. Çubuq alışıb, çırthaçırt yanmağa başladı. Məsih Mirzə izlədiklərindən heç nə başa düşməyib bu işin axırını gözləyirdi…

– Yanır?

– Yanır.

– Niyə yanır? Bunun ki içərisində alov yox idi. Ancaq onu oda verən kimi alışdı və öz-özünə yanmağa başladı. Deməli, alovla aşinalıq onun bətnində idi, batində idi. Nə qədər ki, alova tutmamışdın, yanmayacaqdı.

– Batindəki həmişə alova çevrilir? – Məsih Mirzə sınayıcı nəzərlə Sultanəliyə baxdı.

– O baxır batinə və batindəki sirrin xüsusiyyətinə… Bizdən həmişə şübhələnirlər. Qorxurlar ki, hökmdar olmaq fikrinə düşərik. Sən də indi elə bu barədə düşünürdün. Lakin kimsə anlamaq istəmir ki, biz çoxdan hökmdarıq. Öz batini fikrimizin hökmdarı! Biz əbədi bir yolun yolçusuyuq, beş günlük şahlıq səviyyəsinə enmərik. Ona görə sizinlə bizim sövdamız baş tuta bilməz. Anam sizə «yox» cavabı verdi. Mən ondan başqa cavab gözləmirdim. Öz qardaşının qanına qəltan olunmasına razılıq verib sizinlə sövdələşməyə getsəydi, doğma anam olmasına belə baxmaz və ondan ömürlük inciyərdim.

Sultanəli bu sözləri deyib qapıya doğru getdi. Bu o demək idi ki, «dayı, mən səninlə söhbətimi qurtardım».

Məsih Mirzə də özünü itirib onunla bərabər qalxdı. Onun pərt vəziyyətə düşdüyünü hər kəs görmüşdü. Zarafat deyildi – o boyda kişi əl boyda uşaqla mübarizədə məğlub olmuşdu.

Məsih Mirzə nə edəcəyini bilmirdi. O, buraya hökmdar olmaq fikri ilə gəlmişdi, ləl-cəvahiratla bəzənən şahlıq tacını onun başına bacısı qoymalı idi, intəhası bacısı oğlu həmin tacı onun başına çırpmışdı.

Nəhayət, Məsih Mirzə özünü birtəhər ələ aldı, hücrədən çıxmaq üçün qapıya getdi. Lakin qapı-ya çatmamış dayanıb geri döndü və bacısına baxdı.

– Bacı, seçdiyim yolda sənə, sənin qohumlarına arxalanmaq istədim. Görünür qismət deyilmiş. Nə olar, özüm belimdəki bu qılıncla özümə yol açaram. Buna gücüm çatar. Ancaq siz də bundan sonra məndən inciməyin…

– Yenə də qılınc, yenə də qan… – deyə Aləmşahbəyim dilləndi. – Ey Tanrı, sən bu ana-bacıları niyə yaradırdın? Onların nə günahı var ki, gözlərindəki yaş qurumaq bilmir?!


***

Həmin vaxtdan xeyli ötmüşdü. Nə Sultan Yaqubdan bir xəbər var idi, nə də Məsih Mirzədən.. Günlər isə bir-birindən üzücü keçib gedirdi…

Aləmşahbəyim gedib dəmir barmaqlıqlı pəncərənin qabağındakı güzgünü götürdü. Xırdaca, qızıl çərçivəli güzgü idi. Bunu əri vaxtı ilə rum tacirlərindan bir at qiymətinə almışdı. Əsil Venesiya güzgüsü idi. Güzgüdə Aləmşahbəyimin zənəxdanı[10 - Zənəxdan – çənədə, yaxud yanaqda çuxur], soluxmuş ağ qızılgül ləçəklərini xatırladan dodaqları, düz və xırda burnu, badamı gözləri, nazik çatma qaşının üstündəki xal görünürdü. Qızılı saçlarına çatanda güzgünü bir az da yaxınlaşdırdı. Başında bir neçə tük ağarmışdı.

– Heydər qayıtdı, Səkinə, – Aləmşahbəyim qulluqçu qadına dedi.

– Nə dedin, atam-anam? – Səkinə bir şey başa düşməyib soruşdu.

– Deyirəm, Heydər qayıtdı…

– Necə qayıtdı?

– Saçımın ağı ilə qayıtdı gəldi Heydər…


***

Hamı yatmışdı. Aləmşahbəyim oğlu İsmayılı bağrına basıb uzansa da, axşamdan bəri gözlərinə yuxu getməmişdi. Dar, ensiz pəncərədən Savalanın üstündə bir ulduz görünürdü. Elə parlaq, elə işıqlı ulduz idi ki…

Qapı döyüldü.

«Kim olar? Bu gecə vaxtı niyə gəliblər, nə istəyirlər görəsən? Yoxsa, yenə Məsih Mirzədir? Yox, o qapını ürəklə döyərdi. Bu kimdisə, aciz adama oxşayır». Aləmşahbəyim belə fikirləşib döşəyin altından ərinin xəncərini götürdü. Səkinə də qalxıb oturdu, qorxa-qorxa qapıya sarı baxdı. Heç kim dinməyə ürək eləmirdi. Qapı bir daha döyüləndə Sultanəli də yuxudan qalxdı. O da xəncərini götürdü. Sonra isə qapıya tərəf getmək istədi. Lakin Aləmşahbəyim həmişəki kimi özünü ona çatdırdı, əlinin hərəkəti ilə kənara itələdi.

Bu vaxt qapı yenə taqqıldadı. Aləmşahbəyim soruşdu:

– Kimdir?

– Xacə Bədrəddindir.

– Gecənin bu aləmi nə istəyirsən?

– Vacib söz var, çapar gəlmişdi.

– Səkinə! – Aləmşahbəyim çevrilib qulluqçu qadına səsləndi.

– Burdayam, atam-anam.

– Qoy geyinim, sonra aç görək bu qoca nə deyir.

Aləmşahbəyim bunu deyib geri qayıtdı, əynini geyindi, başına örpək atdı. Sonra da Səkinəyə səsləndi:

– Hə, aç.

Qapını açılanda qocanın əlində tutduğu tunc çırağın titrəyən işığı hücrədəkilərin üzünə düşdü. Qocanın da sarı saqqalı, kağız kimi nazik dərisi, göy gözləri işıqlandı.

– Nədir, nə olub?

– Deməyə dilim gəlmir.

Xacə belə deyib susdu.

Sultanəli onun üstünə təpindi.

– Qoca, bizi ələ salmısan? Nə sözün var, tez ol de. Əgər qanın artıqlıq eləyirsə, adam göndər zəli gətirsinlər. Yoxsa Şeyx Səfi nəslinin qılıncı müqəddəsdir, hər həşəratın qanına bulanmaz.

Anası kimi Sultanəlinin də bu qocadan zəhləsi gedirdi. Fikirləşirdi ki, xacəni onların söhbətlərinə qulaq asıb kimlərəsə xəbər aparmaq üçün burada saxlayırlar.

Qoca əllərini yerə basıb Sultanəlinin qarşısında başını yerə əydi, alnını xalçaya toxundurmaq istədi. Sultanəlinin cingiltili səsi eşidildi.

– Qalx və sözünü de.

Xacə qalxdı, dodaqaltı dua oxudu.

– Allah min rəhmət eləsin.

– Ürəyimizi üzmə, rəhmətə gedən kimdir?! – Bu dəfə Aləmşahbəyim acıqla dilləndi.

– Sultan Yaqub ömrünü sizə bağışlayıb. Özü də düz bir il qabaq.

– Bəs indi onun yerinə kim keçib?

Məsih Mirzəni aradan götürən Sultan Yaqub oğlu Bəysunqur.

– Aman Allah! Atamdan sonra üstümüzə gör necə bədbəxtliklər yağır! İki qardaş birdən getdi… – Aləmşahbəyim bunu deyib Səkinəni qucaqlayaraq ağlamağa başladı. Səkinə də ona qoşuldu.

Sultanəli ciddi bir ahənglə anasına dedi:

– Niyə ağlayırsan, kimə yas saxlayırsan?

Aləmşahbəyim bu dəfə oğlunu qucaqladı.

– Qorxuram, oğlum, qorxuram…


***

Ertəsi gün Aləmşahbəyim özünə yeni paltar tikirdi. Əynindəki üzülmüşdü. Qara parçanı açıb biçəndə Sultanəli anasının üstünü kəsdi.

– Təzədən qara libasa bürünmək istəyirsən?

– Əynimdəki üzülüb, qadan alım.

– Yox, sən o qatilə görə bu qara libası dəyişirsən. Atamıza görə geydiyin üzülüb düşdü, indi onun qatilinə yas saxlayırsan? Bir yası qurtarıb, o birisini başlayırsan?

Aləmşahbəyim əldə dayanmayıb sürüşən, su kimi axan qara ipəyi bir tərəfə atdı. Qalxıb oğlunu qucaqladı, aparıb pəncərənin qabağında oturtdu. Özü də onun yanına əyləşdi. Sonra da Sultanəlinin başını sığalladı.

– Başa düş, oğlum, mən qara libası heç vaxt soyunası deyiləm. Mənim əynimə biçilən baxtıma da biçilib. Köhnəldikcə təzəsini tikəcəm. Ürəkdəki dərd-kədər, yas köhnəlmir, ona heç bir ipək parça dözməz.

Sultanəli anasının sözlərindan razı qalmadı. Qaş-qabağı hələ də yerlə gedirdi.

– Sən qara paltarı soyunmalısan!

– Niyə, ay oğul?

– Düşmənlərimizin gözü qabağında yaslı, dərdli görünə bilmərik. İkimiz də bilirik ki, taleyimiz onsuz da tükdən asılıdır. Bizi dar ağacına aparanda da gərək onlara dağ çəkək, gözdağı verək, əyilməyək, məzlum görünməyək. Atamın sözü yadındadı? Deyirdi bir il xırıldamaqdansa, bir göz qırpımında ölmək daha yaxşıdır.

Bu zaman İsmayıl da gəldi. Sultanəli ilə danışdıqlarını eşitməsin deyə anası onu uzaqlaşdırmaq istədi. Lakin Sultanəli qoymadı. Qardaşını çəkib yanında oturtdu. Bir müddət susdular. Aradakı səssizliyi pəncərədən bayıra baxan İsmayıl pozdu.

– Qardaş, bu pəncərədən düşüb qaça bilmərik?

– Yox, qardaş, mümkün deyil.

Elə həmin vaxt pəncərəyə əlvan bir kəpənək qondu. Ağ qanadların ortasında yumru narıncı xalın dövrəsinə qara haşiyə çəkilmişdi. Kəpənək paslı dəmirin üstünə qonsa da, o tərəf-bu tərəfə aşırdı. Mehin qarşısında düz, dik dayanmağa gücü yox idi. Nəhayət, uçub hücrəyə girdi. İsmayıl qaçıb onu tutdu. Ovcunu açanda əllərində gümüş tozuna oxşar toz vardı.

– Öldürmə, – deyə Sultanəli qardaşına səsləndi. – Hər canlı tumarlanmaq istəyər. Ancaq kəpənəklər elə zərifdirlər ki, hətta tumardan da ölə bilirlər.

– Öldürmərəm, saxlayacam.

– Onda sən də bizi buraya salanlar kimi insafsız olarsan.

– Kəpənəkdən də dustaq olar?

– Tutub saxlasan olar.

İsmayıl pəncərəyə yaxınlaşdı, ovcunu açdı, elə həmin anda kəpənək qanadlarını qoşaladı, açıb-yumdu, titrədi və uçdu. Oğlanın ovcunda isə onun tozu, yumşaqlığının təması və ürək kimi çırpınan zərif vücudunun istiliyi qaldı…


***

Səkinə xalanın cürə sazı İsmayılı ovsunlamışdı. Tez-tez özünü qulluqçu qadının yanına verir, həvəslə saza qulaq asır, özü də saz çalmağı öyrənməyə çalışırdı. Səkinə ona dastanlar danışır, İsmayıl isə uzandıqca uzanan bu dastanları dinləməkdən doymaq bilmirdi. Bir dəfə dedi:

– Səkinə xala, «Ruhani» çaldınız ha, sonra sözlərini niyə demədiniz?

– Çünki o sözləri yazan şair batin əhli olub. Yanğısı da havada qalıb. Sözsüz də bəlli deyilmi?

– Elə bu havaların hamısı yanğılıdı.

İsmayıl belə deyincə, Səkinə sazı yenidən döşünə basıb mizrabı cəsarətlə simlərə vurdu. Hücrəni qüdrətli bir musiqinin ahəngi doldurdu. İsmayıla elə gəldi ki, daş divarlar da cingildədi, cana gəldi, sazın səsinə səs verdi. O, yerində otura bilmədi. Ayağa qalxdı. Elə bildi ki, boyu bir az da ucaldı, məğrurlaşdı. Bu hava onu heyran eləmişdi. Ürəyini dağa döndərmişdi.

Sultanəli də gəlib qardaşı ilə yanaşı dayandı. Balaca qardaş qeyri-ixtiyari sağ qolunu onun kürəyinə qoyub qucaqladı, sifətini onun qoluna söykəyərək iri, ağıllı gözlərini öz sehrli səsi ilə insanı ovsunlayan saza dikdi. O anda İsmayıla elə gəldi ki, qabaqda bir atlı çapır. Birdən atlının yolu üstünə alova bürünmüş köz dağı çıxdı. Bu dağ Savalana oxşayırdı. Atlı yolundan dönmədi, atını həmin dağın üstünə sürdü. At dördnala dağın başına qalxdı. Nallarından qucaq-qucaq çınqı tökülsə də, at alovda yanmırdı, əksinə, onun rənginə boyanmışdı, al rəngə çalırdı. Nəhayət, qabaq ayaqlarını yerə vurub dayandı. Zirvəyə çatmışdı. Atlı əmud keçirdiyi qolunu qaldırıb əlini qaşlarının üstünə qoydu. Buradan hər yer görünürdü – yamyaşıl düzənlər, sıra-sıra dağlar, burulğanlı çaylar…

Musiqi kəsildi.

– Bu havaya deyirlər: «Misri», – Səkinə xalanın səsi İsmayılı xəyal aləmindən ayıltdı.

– Çal, Səkinə xala, bir də çal, – İsmayıl dedi.

Saz yenə dilə gəldi. Və İsmayıl yenə fikrə getdi. Elə bil qayalardan, mamırların gözyaşından duru sular süzüldü, daş teştlərdən gur axınla tökülüb şəlalə oldu. Meşələr çiçək açdı. Quşlar min bir səslə oxumağa başladılar. Düzənlərdə yovşanlar yaşıl otlar arasında boz-bənövşəyi rəngə çaldılar. Sonra o yovşanların dibindən bənövşələr qalxdı. Ardınca da bənövşələrin qoxusu yovşan iyinə qarışdı. Yovşanların üstündən ceyran sürüləri ox kimi süzüb keçdi, kolluqlardakı torağayları hürküdüb uçurdular. Çox keçmədi ki, həmin torağayların nəğməsi zirvələrdə eşidildi. Firuzə rəngli dağların başında pambıqdan ağ buludlar topa-topa dayanmışdı. Torağayların səsi o buludları firuzə dağların başından ayırdı. Buludlardan ağ yağışlar yağmağa başladı. Həm də elə yağdı ki, güllərin, çiçəklərin ləçəklərini qoparıb bayaqkı şəlaləyə tökdü. Axırda da həmin ləçəklər suyun üzü ilə axmağa başladı.

– Bu havaya «Dübeyti» deyirlər, atam-anam… – Səkinə xala ifasını tamamlayıb dedi.

İsmayıl qardaşının qolundan tutdu.

– »Misri»ni eşitdin də?

– Eşitdim.

– Onunla dağı yıxmaq olar?

– Olar.

– Bu qalanı necə? – Bu sualdan sonra İsmayıl qardaşına elə baxdı ki, sanki bundan sonra hər şey Sultanəlinin cavabından asılı idi. Ancaq Sultanəli dinmədi. Araya dərin sükut çökdü. Bu sükutu haradansa gələn səslər pozdu. Sultanəli qulaq verdi. Sonra başını xalçanın üstünə qoyub diqqətlə qulaq asmağa başladı.

– Nə olub, – deyə sazın sehrli təsirindən qurtarmayan İsmayıl təəccüblə qardaşının hərəkətinə baxdı.

Sultanəli handan-hana yavaşcadan dilləndi:

– Yerin altından səs gəlir.

Bu cavaba İsmayıl təəccübləndi, Səkinə xala isə inanmaq istəmədi.

Ancaq, doğrudan da, yerin altından səs gəlirdi…




Sonuncu gün


Çay axdı, ada saldı,
Coşdu sel, səda saldı.
Allah bizi unutdu,
Əzrayıl yada saldı.

– Bunları kim qoşub, Səkinə xala?

– Nə bilim, atam-anam. El-elat, çoban-çoluq. Dərd kimdə olar? Hərə öz dərdini deyib, axırda olub bayatı…

Sultanəli hücrəyə girdi. Kəsik-kəsik nəfəs alırdı. Rəngi ağarmışdı. Çox həyəcanlı idi. Divara söykənib İsmayılla Səkinənin söhbətini dinləyən anasına dedi:

– Gəlirlər.

– Kim gəlir? – Aləmşahbəyim təlaşla soruşdu.

– Qalaya çox böyük dəstə qalxdı. Yəqin, bizi aparmağa gəlirlər.

İsmayıl qalxıb qardaşından soruşdu:

– Hara? Evimizə?

Sultanəli onunla açıq danışmaq istədi. Odur ki qardaşının qarşısında çöməldi.

– Evimizə yox, mənim balaca qardaşım. Deyəsən, axırımız çatıb. Kişi kimi mərd mərdanə dayan, ölüm ayağında belə özünü sındırmamaq nəslimizin adətidir. Onlara yalvarmaq yox, üzlərinə tüpürmək lazımdır.

Aləmşahbəyim quruyub qalmışdı. Dili söz tutar-tutmaz Səkinəyə dedi:

– Səkinə, mənim zümrüdqaşlı üzüyümü mücrüdən çıxar ver.

Sultanəli tərs-tərs anasına baxdı. Özünü saxlaya bilməyib dedi:

– Ölüm ayağında neynirsən bər-bəzəyi?

Aləmşahbəyim oğlunun sözünə fikir vermədi. Birdən Sultanəli anasının fikrini başa düşdü və daha heç nə demədi. Səkinə qorxu içində, titrəyə-titrəyə gedib mücrüdən zümrüdqaşlı üzüyü gətirdi. Aləmşahbəyim üzüyü barmağına keçirdi, sonra necə elədisə üzüyün qaşı qalxdı.

– Bunu nənəm Sara xatun bağışlayıb. Mənim üçün hər şeydən irəlidir. Səkinə, o birisiləri də gətir.

Lakin Səkinə yerindən tərpənmədi. Aləmşahbəyim bayaqkı sözlərini təkrarladı.

– Əlim gəlmir, atam-anam, – Səkinə dedi.

– Yerini de, özüm götürüm.

Bu zaman Səkinə gedib cürə sazı divardan götürdü.

Sonra isə sazın aşıqlarından[11 - Aşıq – burada: sazın kəllə hissəsində yerləşən, simlərin bağlandığı tağalaqşəkilli detal] birini çıxartdı. Aşığın içindən Səmərqənd kağızına bükülən kiçik həbləri götürdü. Bu həblərdən birini ağzına atmaq istəyəndə Aləmşahbəyim onun biləyindən tutub saxladı.

– Neynirsən?

– Bu günü görmək istəmirəm, atam-anam.

– Sənin günahın nədi, Səkinə, – Aləmşahbəyim belə deyib onu qucaqladı. – Əlbət mənim axırıncı xahişimi eşidəcəklər. Deyəcəyəm səni öz ellərinə göndərsinlər.

– Sizdən sonra bu dünyada yaşamaq istəmirəm, atam-anam.

İsmayıl mat-mat onlara baxır, nə baş verdiyini anlamağa çalışır, ancaq işin məğzini başa düşə bilmirdi. Axırda Sultanəlidən soruşdu:

– Nə olub?

Sultanəli onun qolundan tutub bir kənara çəkdi və dedi:

– İsmayıl, biz kişiyik, axıra qədər də özümüzü kişi kimi aparmalıyıq. Atamızın düşmənləri bizi aparmağa gəlib. Onlar, yəqin ki, bizi edam edəcəklər. Düşmənlərə boyun əyməməliyik. Son nəfəsimizdə belə üzlərinə tüpürməliyik. Atamız da belə kişi olub. – Sonra Sultanəli cibindən nəsə çıxarıb qardaşının ovcuna basdı. – Bu həbi qoy cibinə. Zəhərdi. Gördün ki, cəllad öz işini görməyə hazırlaşır, onda bu həbi udarsan.

Sultanəli sözünü bitirdikdən sonra üzünü döndərib arxasını çevirdi ki, kiçik qardaşı onun gözlərindəki yaşı görməsin.

Bayaqdan dinməyən İsmayıl, nəhayət ki, dilləndi:

– Sultanəli, atamız bu gələn adamlardan qorxurdu?

– Yox!

– Onda biz niyə qorxaq ki?

– Əhsən, qardaşım!

Aləmşahbəyim oğullarının söhbətini eşitmişdi, ona görə də özünü saxlaya bilmədi, qəşş eləyib yıxıldı. Səkinə qalxıb su gətirdi və onun sifətinə çilədi. Aləmşahbəyim gözlərini açanda başı üstündə Sultanəlini gördü.

– Sənə nə oldu, ana?

– Heç nə, oğlum, heç nə…

– Düşmənlərimiz bizi belə görsə, sevinər axı… Özünü ələ al!

Bu zaman qapının kilidi cingildədi. İçəridəkilərin gözləri qapıya dikilmişdi. Axır ki, qapı açıldı və içəri bir neçə nəfər daxil oldu. Ən öndəki ucaboy kişinin başında dilim-dilim qırmızı çalma vardı.

– Ana, qızılbaşlar! – deyə Sultanəli qışqırdı.

– Hüseyn Lələ?! – deyə Aləmşhabəyim də heyrət qarışıq sevinclə dilləndi.

Bəli, gələn Hüseyn Lələ idi. O, öncə Sultanəlini bağrına basdı. Lakin bu vaxt İsmayıl irəli yeriyib onu itələdi və qışqırdı:

– Burax qardaşımı, cəllad!

Hüseyn Lələ bəy dönüb təəccüblə İsmayıla baxdı. Sonra onu qucağına götürüb başı üstünə qaldırdı.

– İsmayıl, gözümün işığı, maşallah, necə də böyümüsən!

– Sən bizi öldürməyə aparırsan? – İsmayıl dedi.

Hüseyn Lələ onu özünə daha bərk sıxdı və gözlərinin yaşını gizlətməyə çalışdı. Sultanəli dedi:

– İsmayıl, Hüseyn Lələ atamızın dostu, bizim də lələmizdir[12 - Lələ – keçmişdə kübar və varlı ailələrdə uşağın tərbiyəsi ilə məşğul olan adam]. O bizi xilas etməyə gəlib.

Hüseyn Lələ bəy İsmayılı yerə qoyub Aləmşahbəyimə ehtiramla baş əydi.

– Bacı, bu günə çox şükür!

Aləmşahbəyim yaşmaq çəkdi, başını aşağı əydi və soruşdu:

– Bizi bir hali elə görək axırımız necə olacaq?

– Hər şey yaxşıdı. Qızılbaşlar Rüstəm Mirzəni[13 - Rüstəm Mirzə – Ağqoyunlu dövlətinin 1492–1497-ci illərdə hökmdarı. Uzun Həsənin nəvəsidir. 1490-cı ildə ovaxtkı Ağqoyunlu sultanı Baysunqur tərəfindən həbsə salınmışdır. İki il sonra Baysunqur taxtdan salınıb Şamaxıya, babası olan Şirvanşah Fərrux Yasarın yanına qaçdıqdan sonra hakimiyyətə gəlmişdir] taxta çıxartdılar. O da fərman verib sizi azad elədi. İndi gəlmişik sizi Təbrizə aparaq.

– Təbrizə niyə? Ərdəbilə getsək başımız daha salamat olar.

– Rüstəm Mirzə uşaqları Təbrizdə təntənə ilə qarşılamaq istəyir. Oradan da Ərdəbilə yola düşəcəyik.

– Əmim oğlu Rüstəm qardaşımdan da zalımdı. Birdən bizə oyun oynayar.

– Heç nə olmaz. Onun bütün ixtiyarı qızılbaşların əlindədir. Qızılbaşlar isə imkan verməz ki, sizin başınızdan bir tük əskik olsun.




Təbrizdə


Şeyx Heydərin övladlarını böyük mürid dəstəsi əhatə eləmişdi. Dəstəyə isə Hüseyn Lələ bəy rəhbərlik edirdi.

Sultanəli ata minmiş, başına qızılbaş çalması qoymuşdu. Bu çalmanı neçə illərdir Hüseyn Lələ bəy özündə saxlayırdı. Dostu Heydərin çalması idi. İndiyədək də dostunun oğlu üçün qoruyub saxlamışdı. İsmayıl isə Hüseyn Lələ bəyin atının tərkində oturmuşdu. Xeyli getdikdən sonra dayanıb düşərgə salanda İsmayıl qaçmaq, dağlara dırmaşmaq, ağaclara çıxmaq, düzənlərdə yüyürmək istədi. Lələ isə oğlanı bir an belə gözündən qoymadı. O bilirdi ki, uşaqlığını zindanda, dörd divar arasında keçirən İsmayıl indi azadlığı dadmaq istəyir. Odur ki oğlana mane olmaq istəmir, bununla belə, başına nəsə gələcəyindən qorxurdu.

Növbəti düşərgədə isə Sultanəli gözlənilmədən Hüseyn Lələ bəyə dedi:

– Lələ, mən Rüstəm Mirzə ilə görüşmək istəmirəm.

– Niyə?

– Səbəbini özün bilirsən. Mən babam Həsən padşahdan başqa heç bir Ağqoyunlu hökmdarına hörmət eləmirəm. Onlar hamısı mənim qan qohumum olmaqla bərabər, həm də qan düşmənlərimdir.

Lələ əlini onun çiyninə qoydu.

– Sən ağıllı oğlansan. Atandan sonra Səfəviyyə təriqətinin başçısısan. Ona görə də unutma: bu gündən düşmənlə də dost kimi danışmağı bacarmalısan.

– Axı mən hələ təriqət başçısı olmağa hazır deyiləm.

– Sən Ərdəbilə qayıdandan sonra müridlər hər yerdən axışıb gələcək. İndi Təbrizə də qohum kimi yox, təriqət başçısı kimi gedirsən. Orada öz şərtlərini irəli sürərsən.

– Hansı şərtləri?

– Ən əsas şərt odur ki sən Ərdəbilin Ağqoyunlu paytaxtından asılılığına son qoymalısan.

– Rüstəm Mirzə bu şərtimlə razılaşacaqmı?

– Razılaşacaq. Müqaviləni imzalamışıq.

– Deməli, Ərdəbil Ağqoyunludan ayrılacaq? – deyə Sultanəli təəccüblə soruşdu.

– Bəli. Ölkə qan içindədir. Gündə minlərlə günah işlənir. Təriqətimiz özünün pak, təmiz başçısını və paytaxtını əldə eləməsə, yenə də Ağqoyunlulardan asılı qalsa, onda heç nəyə nail ola bilməyəcəyik.

– Lələ, sən atamızın dostusan. Ən çətin gündə köməyimizə gəlmisən. Sənin hər sözün bizim üçün qanundur. Necə deyirsən, qoy elə də olsun.


***

Yolçular Təbrizin gündoğan qapısına çatanda bütün şəhər əhli pişvaza çıxmışdı. Yolların kənarı, qala divarlarının üstü adamla dolu idi.

İsmayıl təəccüblə soruşdu.

– Lələ, bu qədər adam olar?

– Olurmuş, qardaşoğlu…

– Lələ, o adamlar niyə elə sallanıblar? Şəbeh çıxardırlar?

Qala qapısından bir neçə cəsəd asılmışdı və havada yellənirdi.

– Onlar yox, onları bu günə salanlar şəbeh çıxardır.

Hüseyn Lələ bəy bu cavabı verdikdən sonra ürəyində dedi: «Bu, Əbih Sultanın işidir. Kimdən xoşu gəlmirsə bir bəhanə tapıb asdırır. Cəsədləri də bilərəkdən götürməyib. Şeyx Heydər övladlarını belə qarşılayarlar? Yəqin, bizi qorxutmaq istəyir, indidən bizə buynuz göstərir. Nə olar, biz də neyləyəcəyimizi bilirik».

İsmayıl isə sualı sual dalınca yağdırırdı. Lələ bir yandan sualları cavablandırıb, o biri yandan da diqqət edirdi ki, nə Rüstəm Mirzə, nə də Əbih Sultan qonaqları qarşılamağa çıxmayıb. Ağlına pis fikirlər gəldi. Ona görə də qərarını dəyişdi. Yanındakılara səsləndi:

– Dayanın!

Lələnin əmrindən sonra hamısı dayandı.

– Digər darvazaya doğru dönün!

Bundan sonra yolçular yollarını dəyişdilər. Bürclər, divarlar İsmayıla Təbrizi görməyə mane olurdu.

– Lələ, Təbrizə niyə girmirik? – O soruşdu.

– İsmayıl, səni padşah qarşılamalıdır. Görünür, o bizi digər qapıda gözləyir.

Şəhərin digər darvazası qarşısında adam daha çox idi. Ancaq buradan da cəsədlər asılmışdı. Üstəlik, Hüseyn Lələ bəy həmin darvaza önündə də onları qarşılamağa saraydan kimsənin gəlmədiyini gördü və pərt oldu.

– Burada təpənin üstündə çadır qurun. Qalan müridlər silahlarına qurşanıb təpəni dövrəyə alsın. Şeyx Heydərin uşaqları Rüstəm Mirzənin ayağına getməyəcək. Rüstəm Mirzə onların ayağına gələcək!

Beləliklə, təpənin üstündə ağ çadır quruldu. Aləmşahbəyimlə Səkinə çadıra keçib oturdular. Sultanəli ilə qardaşları İbrahim və İsmayıl isə lələnin yanında dayanıb Təbrizə baxırdılar. Buradan baxanda şəhərin içərisində uca minarəli məscid görünürdü. Onun kaşıları firuzə rəngində idi və bir neçə yerdə, sanki bir güzgü kimi günəş işığını əks eləyirdi.

– Lələ, o hansı məsciddir? – deyə İsmayıl soruşdu.

– Təbrizin ən böyük məscidi olan Nəsriyyə məscididir. Baban rəhmətlik Həsən padşah tikdirib. Yanındakı da ölkənin ən böyük mədrəsəsidir.

– Bəs o göy bina nədir?

– O da «Səkkiz behişt» sarayıdır. Sultan Yaqub tikdirib.

– Lənətulla, – deyə mərhum dayısının adını eşidən İsmayıl acıqla dilləndi. Lələ ona baxıb gülümsündü. İbrahim də gülümsədi, ancaq dili söz tutmadı.

– Təbriz çox böyükdü, Lələ?

– Çox böyükdü. Karvan yollarının hamısı buradan keçir. Bir yol buradan gedir Diyarbəkirə, oradan Mardinə, Mardindən Qeysəriyyəyə, Qeysəriyyədən Ankaraya, oradan da Bursaya… Başqa bir yol ilə Ərzurum, Ərzincan, Toqat, Amasiya və Ankaradan keçməklə yenə Bursaya gedib çıxırsan[14 - Bu və bundan əvvəlki cümlədə adları çəkilən şəhərlər indiki Türkiyə ərazisində yerləşir (red.).]. Buradan oraya, oradan da buraya tacirlər gedib-gəlirlər. Venesiyadan, Neapoldan, dünyanın bir çox başqa şəhərlərindən də tacirlər öz mallarını gətirib Təbrizdə satırlar. Bir yol da gündoğana – Hindistana və Çinə gedir. Düzdür, indi oralara gediş-gəliş azalıb, ancaq Təbrizdə toxunan parçalar, zərbaftalar[15 - Zərbafta – zər və ya güləbətinlə qarışıq parça və bu parçadan tikilmiş (red.)] hələ də dünyanın hər yerinə daşınır. Azərbaycan ipəyinin heç yerdə misli yoxdur.

Bir qədər sonra Hüseyn Lələ bəyin göndərdiyi atlı «Səkkiz behişt» sarayına xəbər apardı ki, Şeyx Heydərin külfəti Təbriz yaxınlığında düşərgə salıb.

Rüstəm Mirzə bir hökmdar olaraq onların ayağına getməyi şəninə sığışdırmırdı. Lakin Əbih Sultan onu fikrindən döndərdi. Dedi: «Hökmdar sağ olsun, sən taxta təzə oturmusan. Hamının gözü səndədir. Camaat Şeyx Heydərin xatirəsini əziz tutur, övladlarının xətrini də ən azı atası qədər çox istəyirlər. Sən Şeyxin külfətinə məhəbbət və ehtiramını bildirsən, bu camaata xoş gələr, hörmətini artırar».





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/farman-kerimzade/xudaf-rin-korpusu-68289460/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Batin – daxil, iç, iç üz




2


Fərraş – müxtəlif tapşırıqları yerinə yetirən xidmətçi




3


Sufi-salik – sufi yolçusu




4


Məst – dəridən və ya başqa yumşaq materialdan tikilən yüngül ayaqqabı




5


Hürufani – «hürufi» nəzərdə tutulur. Hürufi XIV əsrdə Azərbaycanda meydana gəlmiş, Quranın hərflərindən bir sıra məna və hökmlər çıxaran təriqətə, eyni zamanda bu təriqətə mənsub olan şəxsə deyilirdi.




6


Sufi – əsas qayəsi kamil insan və ilahi eşq olan dini-fəlsəfi cərəyan, eyni zamanda bu cərəyanın nümayəndəsi




7


Fars tarixçisi və səyyahı Fəzlüllah ibn Ruzbеhan Xünci (1457–1521) nəzərdə tutulur.




8


Şeyx Səfiyyəddin (1252–1334) – sufi alimi, Səfəviyyə təriqəti və Səfəvilər sülaləsinin banisi, Ərdəbil (Səfəvi) hakimliyinin qurucusu. Şeyx Səfiyyəddin eyni zamanda Şah İsmayıl Xətainin ulu babasıdır.




9


Əsil mənası «doğru yol göstərən» olub, keçmişdə sufi təriqətinə başçılıq edən şeyxlərə «mürşid», onların şagirdlərinə və davamçılarına isə «mürid» deyilirdi.




10


Zənəxdan – çənədə, yaxud yanaqda çuxur




11


Aşıq – burada: sazın kəllə hissəsində yerləşən, simlərin bağlandığı tağalaqşəkilli detal




12


Lələ – keçmişdə kübar və varlı ailələrdə uşağın tərbiyəsi ilə məşğul olan adam




13


Rüstəm Mirzə – Ağqoyunlu dövlətinin 1492–1497-ci illərdə hökmdarı. Uzun Həsənin nəvəsidir. 1490-cı ildə ovaxtkı Ağqoyunlu sultanı Baysunqur tərəfindən həbsə salınmışdır. İki il sonra Baysunqur taxtdan salınıb Şamaxıya, babası olan Şirvanşah Fərrux Yasarın yanına qaçdıqdan sonra hakimiyyətə gəlmişdir




14


Bu və bundan əvvəlki cümlədə adları çəkilən şəhərlər indiki Türkiyə ərazisində yerləşir (red.).




15


Zərbafta – zər və ya güləbətinlə qarışıq parça və bu parçadan tikilmiş (red.)



Fərman Kərimzadənin “Xudafərin körpüsü“ tarixi romanında Səfəvilər dövlətinin qurucusu və ilk hökmdarı Şah İsmayılın erkən yaşlardan etibarən hakimiyyət uğrun­da apardığı gərgin mübarizə oxunaqlı dildə təsvir olunur.

Как скачать книгу - "Xudafərin körpüsü" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Xudafərin körpüsü" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Xudafərin körpüsü", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Xudafərin körpüsü»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Xudafərin körpüsü" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги серии

Книги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *