Книга - Yaxınlıq

a
A

Yaxınlıq
Oşo


Əgər sən yaxın olmağa hazırsansa, qarşındakının da yaxın olmasına yol aça bilərsən. Sənin açıqlığın onun açıq olmağını asanlaşdırar. Sənin təbiiliyin, onun təbiiliyinə, məsumluğuna, güvəninə, sevgisinə, açıqlığına izn verir. Sən olmasan, bu bəşəriyyətin şeirində, gözəlliyində bir şey əskik qalar. Bir musiqi, bir not əskik qalar, bir boşluq olar; heç kim bunu sənə söyləmədi.





Osho

Yaxınlıq





ÖNSÖZ


Hər kəs yaxınlıqdan qorxur. Yaxınlığın mənası özünü yad birinin qarşısında ifşa etməkdir. Və hamımız bir-birimizə yadıq; kimsə kimsəni tanımır. Özümüzə belə yadıq, çünki kim olduğumuzu bilmirik.

Yaxınlıq səni bir başqasıyla, yad biri ilə yan-yana gətirər. Bütün müdafiə instinktini buraxmalısan, çünki ancaq o zaman yaxınlıq mümkün olar. Və qorxursan; əgər müdafiəni, maskaları buraxsan, kim bilər o yad adam sənə nələr edər? Min bir şeyi gizlədirik; yalnız başqalarından deyil, özümüzdən də. Çünki hər cür təzyiq, utancaqlıq və tabuyla xəstə düşmüş bir insanlıq tərəfindən yetişdirildik.

Qorxursan; o yad adamla aranda bir az pərdə, bir az məsafə saxlamaq sənə özünü daha rahat hiss etdirir. Sənin zəifliklərini, kövrəkliyini, həssaslığını sənə qarşı istifadə etsə, bəs onda necə olacaq? O insanla otuz-qırx il birlikdə yaşamış olsan belə fərq eləmir, yadlıq, ögeylik heç vaxt itmir. Hər kəs yaxınlıqdan qorxur. Bu qarmaqarışıq bir problemdir, çünki hər kəs yaxınlıq istəyir. Hər kəs yaxınlıq istəyir, əks halda bu kainatda heç nə edə bilməzsən; dostsuz, sevgilisiz, güvənib yaralarını aça biləcəyin heç kim olmadan yaşaya bilməzsən. Bunu da bil ki, yaralar ağrıtmasalar əsla sağalmırlar. Gizləndikcə daha təhlükəli olar, xərçəngə dönüşər.

Yaxınlıq təməl bir ehtiyacdır; hər kəs onun həsrətini çəkir. Bir tərəfdən qarşındakı insanın sənə yaxın olmasını, müdafiəni buraxmasını, təslim olmasını, kövrəkliyini və yaralarını göstərməsini, maskalarını və saxta şəxsiyyətini buraxıb çılpaq qalmasını istəyirsən. O biri tərəfdən də yaxınlıqdan qorxursan; yaxın olmaq istəyirsən, amma məsafə saxlayırsan. Dostlar, sevgililər arasındakı ziddiyətlərin biri də budur: Kimsə müdafiəni buraxıb çılpaq və səmimi olmaq istəmir, amma hər kəs yaxınlıq istəyir. Əgər təzyiqləri və qadağaları buraxmasan – ki, bunların hamısı sənə dinlərin, mədəniyyətin, cəmiyyətin, ana-atanın, təhsilin hədiyyəsidir – kimsəylə yaxın ola bilməzsən. Və ilk addımı sənin atmağın lazımdır. Əgər heç təzyiq və qadağanların yoxdursa, deməli yaran da yoxdur. Əgər sadə və təbii bir həyat yaşanılıbsa yaxınlıq qorxusu da olmaz. Və ortada yalnız iki alovun birləşməsindən yaranan möcüzəvi bir sevinc duyğusu var olar. Bu birləşmə insana böyük bir xoşbəxtlik və doyum verər. Amma bu yaxınlığa çata bilmək üçün əvvəlcə öz evini başdan ayağa təmizləməlisən.

Ancaq meditasiya ilə yaşayan bir insan yaxınlığın olmasına icazə verə bilər. Çünki onun saxlayacaq heç bir şeyi yoxdur. Başqasının öyrənməsindən qorxacağı hər şeyi özlüyündən buraxıb. Onda yalnız səssizlik və sevən bir ürək var.

Özünü hər şeyinlə qəbul etməlisən. Özünü hər şeyinlə qəbul etməsən, başqasının səni qəbul etməsini necə gözləyərsən? Hər kəs səni günahlandırdı bu günə qədər və sən də özünü günahlandırmaqdan başqa bir şey öyrənmədin. Bunu gizləməyə davam edirsən; başqalarına göstərməyin yaxşı çıxmaz deyə. Bilirsən, içində çirkin şeylər, gizli, pis şeylər, heyvanlıq gizlənib. Əgər baxış bucağını dəyişmir və özünü yaradılışın içində bir heyvan olaraq qəbul etmirsənsə…

İngiliscə mənası "animal" olan bu heyvan sözü pis bir şey deyil; "anime" kökündən gəlir. Tək mənası var: canlı olmaq. Canlı olan hər hansı bir kimsə heyvandır. Amma insana həmişə belə deyildi: "Sən heyvan deyilsən; heyvanlar səndən çox daha aşağıdadır. Sən insansan".

Saxta bir üstünlük duyğusu yükləndi sənə. İşin gerçəyi isə, yaradılışda üstünlük ya da aşağılıq deyə bir şey yoxdur. Varlıqda, yaradılışda hər şey bərabərdir; ağaclar, quşlar, heyvanlar, insanlar. Yaradılışda hər şey olduğu kimi qəbul edilir, aşağılama, yuxarıdan aşağı baxma deyə bir şey yoxdur.

Əgər öz cinsəlliyini şərtsiz qəbul etsən, insanın və dünyadakı bütün varlığın kövrəkliyini də qəbul edərsən. Həyat hər an pambıqdan qopa biləcək bir ipdir… Bunu qəbul etdiyin anda bütün saxta eqoları üstündən atarsan; Böyük İsgəndər olmaq, Məhəmməd Əli olmaq fikrindən daşınarsan və anlayarsan ki, hər kəs öz adiliyində, sıraviliyində gözəldir, hər kəsin zəiflikləri var; bu da insan təbiətinin bir parçasıdır, çünki insan poladdan deyil. Çox kövrək bir bədənin var. Həyatını yalnız 12 dərəcəlik bir istilik aralığında davam etdirə bilərsən. Onun aşağısında, ya da üstündə olduğun anda bu o deməkdir ki, ölübsən. Və bədənin bunun kimi min bir çərçivə, şərtlərlə təchiz edilmiş vəziyyətdədir.

Ən fundamental, təməl ehtiyaclardan biri, insana ehtiyac duyulmasıdır. Amma kimsə bunu qəbul etmək istəmir: "Ehtiyac duyulmaq, sevilmək, qəbul edilmək mənim əsas ehtiyacımdır" demir.

Belə oyunlarla, ikiüzlülüklərlə yaşayırıq; bax buna görə də yaxınlıq gətirib qorxuya çıxarır. Görünən adam sən deyilsən. Görünüşün saxtadır. Bir müqəddəs, hikmətli biri kimi görünə bilərsən amma içində bütün arzuları və həsrətləriylə birgə bir insan var. İlk addım – bütün insanlığı dəli edən o ənənələrə baxmayaraq – özünü hər şeyinlə qəbul etməkdir. Özünü hər şeyinlə qəbul etdiyin anda yaxınlıq qorxusu da itəcək. O zaman möhtərəmliyini, böyüklüyünü, eqonu, dindarlığını, müqəddəsliyini itirməyin mümkün olmaz, çünki hamısını azad buraxıbsan. Kiçik bir uşaq kimisən, tamamilə günahsız. Özün bir çiçək kimi aça bilərsən, çünki içində azğınlığa dönmüş çirkin təzyiqlər, sıxışdırmalar yoxdur. Hiss etdiyin hər şeyi gerçək, səmimi və içindən gəldiyi kimi ifadə edə bilərsən. Və əgər sən yaxın olmağa hazırsansa, qarşındakının da yaxın olmağına şərait yaradarsan.

Sənin açıqlığın onun (qarşındakının) açıq olmasını asanlaşdırar. Sənin səmimiliyin, onun səmimiliyinə, günahsızlığına, etibarına, sevgisinə, açıqlığına şərait yaradar. Axmaq fikirlərlə qəfəslənmiş, bürünmüş vəziyyətdəsən və əgər birinə yaxınlaşsan onun bütün bu axmaqlıqları biləcəyindən qorxursan. Amma biz kövrək varlıqlarıq; bütün yaradılışın, varlığın ən kövrək varlıqlarıyıq.

"İnsan balası" bütün heyvan balaları içində ən kövrək olanıdır. Digər heyvan balaları ana-atasız, ailəsiz də həyatda qala bilər. Amma insan balası həmin an ölər. Və bu kövrəklik bir günahkarlıqdan yaranmır; bu şüurun ən yüksək şəkildə ifadəsidir. Gül kövrəkdir, çünki o daş deyil. Daş əvəzinə gül olduğu üçün insanın özünü günahlandırmağına ehtiyac yoxdur.

İki insan həqiqətən yaxın olduqlarında, artıq yad olaraq qalmazlar. Digərinin – bəlkə hər kəsin – də sənin kimi zəifliklərlə dolu olduğunu görmək gözəl bir təcrübədir və bu sənin xoşuna gələcək. Hər hansı bir şeyin ifadəsi, dəyəri nə qədər yüksəkdirsə, həmin şey bir o qədər də kövrəkdir. Köklər çox güclüdür, amma çiçək o qədər də güclü ola bilməz. Bütün gözəlliyi də o qədər güclü olmamasındadır. Səhər yarpaqlarını günəşə açar, bütün gün küləklə, yağışla, günəşlə rəqs edər, axşam olduqda isə yarpaqlarını tökməyə başlayar. Və o artıq yoxdur.

Gözəl və qiymətli olan hər şey çox ani – anlıqdır. Amma sən hər şeyin əbədi olmasını istəyirsən. Birini sevirsən və söz verirsən ki: "səni həyatım boyunca sevəcəyəm". Əslində özün də çox yaxşı bilirsən ki, sabahdan əmin ola bilməzsən; saxta bir söz verirsən. Əslində bütün söyləyə biləcəyin budur: "bu an sənə aşiqəm və sənə hər şeyimi verirəm. Bir sonrakı an haqqında isə heç bir şey bilmirəm. Necə söz verə bilərəm axı? Məni bağışla."

Amma sevgililər bir-birilərinə tuta bilməyəcəkləri hər cür sözləri verirlər. Sonra bir məyusluq yaranar, məsafə böyüyər; arxasından ziddiyyət, mübahisə, savaş, dava və daha xoşbəxt olması gözlənilən həyatınız bitməz-tükənməz bir səfalət halına gələr.

Yaxınlıqdan qorxduğunu hiss etsən, bunun fərqinə varsan, böyük bir aydınlanma ola bilər. Əgər içinə baxsan və bütün o utancları buraxıb, təbiəti – olmalı olduğu kimi deyil – sadəcə saf şəkildə olduğu kimi qəbul etsən, bir inqilab ola bilər. Mən heç bir "gərəkli ya da fərz bir şey" öyrətmirəm. Bütün gərəkli şeylər insan zehinini xəstə edir.

İnsanlar "olmaq" halının gözəlliyini, təbiətin möhtəşəm tilsimini kəşf etməlidir. Ağaclar "On Əmr" (Musaya Sina dağında Tanrı tərəfindən 2 daş taburet üzərində verildiyi söylənən bir sıra dini və əxlaqi nəsihətlər toplusu) haqqında heç bir şey bilmirlər, quşların müqəddəs kitablardan xəbərləri yoxdur. Yalnız insan özünə belə problemlər yaratdı. Öz təbiətini günahlandıraraq bölünürsən, şizofren olursan. Və yalnız adi insanlar deyil, Ziqmund Freyd kimi, Fridrix Nitsşe kimi insanlığın zehni anlamasına böyük töhfə vermiş dahi insanlar da bunu edib və edir. Ziqmund Freyd psixoanaliz üsulundan istifadə etmişdi; bu şüuraltında gizli yatan şeylərin ortaya çıxarılması üsuludur. Bütün sirr buradadır: Şüuraltında yatan hər hansı bir şey ortaya çıxarıldığı anda buxarlaşır, yox olur. İnsan təmizlənər və yüngülləşər. Şüuraltından nə qədər yük ortaya çıxsa, şüur da bir o qədər genişlənər. Şüuraltı sahəsi daraldıqca, şüur sahəsi genişlənər.

Bu çox əhəmiyyətli bir gerçəkdir. Şərq bunu min illərdir ki, bilirdi; amma Qərbdə bunu Ziqmund Freyd ortaya çıxartdı. O, bunu Şərqi və psixologiyasını heç tanımadan etmişdi. Bu onun öz tapıntısı idi. Amma təəccüblü olan odur ki, özünə psixoanaliz tətbiq olunmasına heç bir zaman hazır olmadı, özünü hazır hiss etmədi. Psixoanalizin banisinə heç bir zaman psixoanaliz tətbiq olunmadı. Həmkarları israr elədilər ki: "Bizə üsulu öyrətdin və bizə də psixoanaliz tətbiq olundu. Sənə tətbiq olunmağına niyə bu qədər qarşı çıxırsan ki?". "Unudun getsin" deyə Freyd cavab vermişdi. Özünü aşkara çıxarmaqdan, ifşa edilməsindən çox qorxurdu. Böyük bir dahi olaraq tanınmışdı, özünü aşkara çıxarmaq onu başqa insanlarla eyni səviyyəyə endirəcəkdi. Və o da eyni qorxuları, arzuları, təzyiqləri daşıyırdı. Öz yuxuları haqqında heç vaxt danışmazdı, yalnızca başqalarının, xəstələrinin yuxularını dinləyərdi. Və dostları israr etdilər: "Sənin yuxularını bilmək bizə çox şey qazandıra bilər." Amma o psixoanaliz kreslosuna uzanıb yuxularını danışmağı heç vaxt qəbul etmədi, çünki onun yuxuları da hər kəsin yuxuları qədər adi idi. Qorxusu da bu idi. Qautama Budda meditasiyaya girməkdən heç vaxt qorxmazdı. Onun tapıntısı da bu – xüsusi bir meditasiya üsulu idi. Və o psixoanalizə getməkdən də qorxmazdı, çünki meditasiyaya girən insan üçün yavaş-yavaş bütün yuxular itər. Gün boyu düşüncələrin trafiki, basa-bası olmadan zehni səssiz qalar, gecələri də dərin yatardı, çünki yuxular sadəcə yaşanmamış düşüncələrdir. Gündüzdən qalan yaşanmamış arzular və həsrətlər… Özlərini heç olmasa yuxuların içində tamamlamağa çalışırlar.

Yuxusunda arvadını görən bir adam ya da ərini görən bir qadın tapmaq çox çətindir. Qonşunun arvadını ya da ərini görmələri isə tez-tez rast gəlinən bir haldır. Arvadı onsuz da onun yanındadır; adam arvadı ilə əlaqədar heç bir şeyi gizli saxlamır. Amma qonşunun arvadı daha gözəldir; o tərəfdəki çəmənlər həmişə gözümüzə daha yaşıl görünər. Və əldə edilə bilməyən şey, əldə edilmək üçün böyük bir həsrət yaradar. Gündüz bunu edə bilmir, amma heç olmasa yuxusunda azaddır; yaxşı ki, yuxu görməyi qadağan edən bir qanun hələ ki çıxmayıb.

Sabah ya o biri gün bunun da bir yolu tapılar, çünki insanın yuxu görüb-görmədiyini anlamağın üsulu belə tapılıb. Bir gün yuxuları bir ekranda əks etdirməyin üsulu da tapıla bilər. Başına bəzi elektrodlar, çiplər qoşular və sən yatarkən, sevinc ilə yuxu görərkən, qonşunun arvadıyla sevişərkən, bir salon dolusu insan da bunu seyr edər. Üstəlik hamısı da sənin müqəddəs biri filan olduğunu düşünürdülər.

Bu qədərini başa düşə bilərsən: Bir insan yatarkən göz qapaqlarının içində gözləri hərəkət etmirsə o insan yuxu görmür. Hərəkət varsa yuxu da var. Bir gün yuxun ekranda əks etdirilə bilər. Müəyyən yuxuları görməyə məcbur edilə də bilərsən. Bu günə kimi heç bir qanun belə bir şeydən bəhs etmədi ki: "insan yuxu görə bilər, bu onun ən təbii haqqıdır." Bir Qautama Budda yuxu görməz. Meditasiya zehinin ötəsində bir üsuldur. Gündə iyirmi dörd saat tam səssizlikdə, sakit oturardı. Şüur gölündə çırpıntı, çapalayış, düşüncə, yuxu yox idi. Amma bir Ziqmund Freyd qorxardı, çünki yuxusunda nə gördüyünü bilirdi.

Bir hekayə eşitdim: Üç böyük Rus yazıçısı – Çexov, Qorki və Tolstoy – bir gün açıq havada, bir oturacaqda oturub dedi-qodu edirdilər. Üçü də çox yaxşı dost idi. Hamısı da dahi idi və elə yaxşı romanlar yazmışdılar ki, hətta bu gün belə dünyanın ən yaxşıları deyilən on romanın bəlkə yarısı onların əllərindən çıxıbdır. Çexov həyatındakı qadınlardan bəhs edir, Qorki isə üç-beş kəlimə ilə ona qatılar, amma Tolstoy səssiz qalardı. Tolstoy çox Ortodoks, dindar bir Xristian idi. Mahatma Qandinin Hindistanda öz ustası olaraq göstərdiyi üç adamdan birinin Tolstoy olduğunu bilmək sənə təəccüblü gələcək, amma bu belə idi. Və bu adam böyük ehtimalla içində çox şeyi basdırırdı. Rusiyadakı ən zəngin adamlardan biriydi – köklü bir ailədən gəlirdi – amma kasıb bir dilənçi kimi yaşayardı; çünki İncilə görə "Kasıblar mübarək, xeyir-dua almış insanlardı və Tanrının Krallığına onlar sahib olacaq." Tolstoy da Tanrının Krallığından əl çəkmək fikrində deyildi. Bu sadəlikdən, təvazökarlıqdan deyil, bu arzu duymamaq deyil; əksinə çox-çox arzulamaq, çox acgözlükdür. Güc üçün çox həsrət çəkməkdir… Bu dünyadakı həyatını və sevincini fəda edir, çünki bu çox kiçik bir həyatdır, amma sonsuzluqda cənnətin və Tanrının Krallığının dadını çıxaracaqdı. Yaxşı biznesdir; bir az lotereya kimidir, ancaq daha zəmanətli, qarantiyalıdır. Tolstoy çox tənha bir həyat yaşayırdı. Ancaq tərəvəz yeyərdi. Demək olar ki, dini bir xadim idi. Təbii olaraq yuxuları, fikirləri də böyük ehtimalla çox çirkin şeylərlə dolu idi. Çexov və Qorki yenə soruşarlar: "Tolstoy niyə susursan? Bir şey denən." O da cavab verər ki: "Qadınlar haqqında bir kəlimə belə demərəm. Ancaq bir ayağım çuxurda olduğu zaman bəlkə nəsə deyərəm. Onda da deyəcəyimi deyib məzara tullanaram."

Nəsə danışmaqdan niyə bu qədər qorxduğunu anlaya bilərsən. İçində qaynar bir qazan var idi. Tolstoy kimi bir adama yaxınlaşmaq düzgün bir hərəkət olmazdı…

Yaxınlıq ürəyin qapılarının sənə açıq olmasıdır; içəri girib qonaq ola bilərsən. Amma bunu ancaq basdırılıb, sıxışdırılmış cinsəlliyinin çürütmədiyi bir ürəklə edə bilərsən: içində azğınlıqlar qaynamayan, təbii bir ürəklə. Ağaclar qədər təbii, uşaqlar qədər günahsız. O zaman yaxınlıq qorxusu olmaz. Mənim etmək istədiyim də budur: şüuraltındakı, zehnindəki yükləri atmağına, normal, adi biri olmağına kömək etməkdir. O zaman istədiyin qədər yaxın dostun, yaxın əlaqələrin ola bilər çünki heç bir qorxun qalmaz. Hər kəsin oxuya biləcəyi açıq bir kitab olarsan. Gizləniləcək bir şey qalmaz.

Hər il Montana təpələrində ova çıxan bir ovçu klubu vardı. Yeməyi kimin bişirəcəyini təyin etmək üçün püşk atmışdılar. Və əgər yeməkdən kimsə şikayətlənsə yemək bişirənin yerinə özü çəkməli idi. Bir neçə gün keçəndən sonra kimsənin şikayətlənmədiyini görən Sanderson adlı biri bir plan qurdu. Bir az maral nəcisi tapdı və o axşamın yeməyinə iki ovuc tökdü. Axşam olduqda hamı süfrə arxasında oturdu, bir neçə loxma yeyildikdən sonra hamının ağzı bir az büzüşdü amma kimsə səsini çıxarmadı. Sonra birdən biri səssizliyi pozdu: "Bu zəhrimarın dadı maral nəcisinə bənzəyir, amma çox yaxşı dadır!"

Fərqli üzlərin var. İçindən bir şey düşünürsən, lakin dilində başqa şey söyləyirsən. Orqanik bir bütün deyilsən. Rahat ol və cəmiyyətin səndə yaratdığı bölünməni, təzadları kənara at. Nəticəsini düşünmədən içindən necə gəlirsə elə davran. Bu həyat qısadır və hər hansı bir şəkildə ancaq nəticələri düşünməklə xərclənməməlidir. İnsan tam olaraq, könlü dolu olaraq, sevinc ilə və istəyənin oxuya biləcəyi açıq bir kitab kimi yaşamalıdır. Lakin, tarix kitablarına düşməyəcəksən. Amma tarix kitablarına düşsən nə olacaq ki? Yadda qalmaq üçün çalışmaqdansa, yaşa. Öləcəksən.

Dünyada milyonlarla insan yaşadı; adlarını belə bilmirik. Sadə bir gerçəyi qəbul et ki, bir neçə günlüyünə buradasan və gedəcəksən. Bu bir neçə gün ikiüzlülüklə, qorxuyla xərclənmək üçün deyil. Bu günlər bayram kimi qeyd etmək üçündür.

Heç kimsə gələcək haqda heçnə bilmir. Cənnət, cəhənnəm, Tanrı – hamısı nəzəriyyədir. Əlində olan tək şey öz həyatındır və onu bacardığın qədər zəngin, dolu yaşa.

Yaxınlıqla, sevgiylə, özünü insanlara açaraq zənginləşərsən. Və əgər dərin bir sevgiylə, dərin dostluqla, dərin yaxınlıqla bir çox insanla birlikdə yaşayırsansa deməli, doğru yaşayırsan. Və bundan sonra harada olursan ol, bu sənəti, üsulu öyrənibsənsə deməli sən xoşbəxtsən. Əgər sadə, mehriban, açıq, səmimisənsə, ətrafında bir cənnət peyda olar. Əgər bağlısansa, davamlı olaraq müdafiə halındasansa, çərçivəlisənsə, qaydalısansa, birinin sənin zehinini oxuyub yuxularını, azğınlıqlarını öyrənəcəyindən qorxursansa, demək cəhənnəmdə yaşayırsan. Cəhənnəm də, Cənnət də sənin içindədir. Onlar bəzi coğrafi bölgələr deyil, sənin öz ruhi sahələrindir.

Özünü təmizlə. Meditasiya zehinində yığılan axmaqlığı təmizləməkdən başqa bir şey deyil. Zehin səssizləşdiyində və ürək nəğmə söyləməyə başladığında – heç bir qorxu olmadan və möhtəşəm bir coşqu ilə – yaxınlığa da hazır olacaqsan. Yaxınlıq olmasa başqa insanların arasında heçnə edə bilməz, yaşaya bilməzsən. Yaxınlıq olduğunda dostların və səni sevənlərin əhatəsindəsən. Yaxınlıq möcüzəvi bir təcrübədir. İnsan onu dadmalıdır.




OLDUĞUN YERDƏN BAŞLA


Həyat bir axtarışdır; dayanmayan bir axtarış, ümidsiz bir axtarışdır. Axtaranın nə axtardığını bilmədiyi bir axtarışdır. Axtarmaq üçün çox dərin bir instinkt, daxili hisslər var amma insan nə axtardığını bilmir. Və zehin elə bir vəziyyətdədir ki, əlinə keçən şey nə olursa olsun səni təmin etmir, doydurmur. Məyusluq insanın taleyiymiş kimi dərk edilir, çünki, əldə etdiyin hər şey əldə edildikcə mənasızlaşır. Yenidən axtarışa başlayırsan.

Bir şey əldə etsən də, etməsən də arayış davam edir. Nəyin var, nəyin yoxdur – heç əhəmiyyətli deyil, çünki arayış hər durumda davam edir. Kasıblar axtarışdadır, zənginlər axtarışdadır, xəstələr axtarışdadır, yaxşılar axtarışdadır, güclülər axtarışdadır, gücsüzlər axtarışdadır, axmaqlar axtarışdadır, müdriklər axtarışdadır və kimsə tam olaraq nə axtardığını bilmir.

Bu arayışın nə olduğu, niyə var olduğu və niyə orada olduğu anlaşılmalı, başa düşülməlidir. Belə çıxır ki, insanın varlığında, insanın zehnində bir boşluq var. İnsan şüurunun quruluşunda sanki bir dəlik, bir qara dəlik var. İçinə davamlı olaraq bir şeylər atırsan və hamısı itir, udulur. Sanki heç bir şey onu doldura bilmir, heç bir şey onu doyuma yaxınlaşdırmır. Bu çox qızğın, ehtiraslı bir axtarışdır. Bu dünyada axtarırsan, o biri dünyada axtarırsan. Bəzən pulda axtarırsan, bəzən gücdə, prestijdə, bəzən Tanrıda, coşğuda, sevgidə, meditasiyada, duada amma axtarış davam edir. İnsan sanki axtarışa yoluxub. Lakin arayış indidə və burada olmağına icazə vermir; çünki arayış səni davamlı olaraq başqa bir yerə istiqamətləndirir. Arayış bir refleksdir, reaksiyadır. Arayış bir arzudur; ehtiyac duyduğun bir şeyin başqa bir yerdə olduğu fikridir – burada yox, başqa bir yerdə olduğu fikridir. O nədirsə mütləq var, amma indidə deyil, burada deyil. Orada, başqa bir zamanda, əsla burada deyil. Səni sıxışdırmağa davam edir, itələyib-dürtməyə davam edir. Səni daha da dəli edir, dəliyə çevirir. Və əsla təmin olmur.

Ulu bir Sufi qadın, Rəbiyə əl-Ədəviyə haqqında belə bir hekayə eşitdim: Bir axşam, gün batarkən, ortalıqda hələ bir az işıq varkən, alatoranlıqda insanlar onu küçədə bir şey axtararkən görərlər. Yaşlı bir qadın idi; gözləri zəif idi və çətin görürdü. Ona görə də qonşular köməyə gələr və soruşar: "Nə axtarırsan?" Rəbiyə cavab verər: "Bu dəxlisiz sualdır: sadəcə axtarıram, kömək edə bilirsinizsə, edin. "İnsanlar gülməyə başlayarlar: "Rəbiyə, sən havalanmısan? Sualımız dəxlisizdir deyirsən amma nə axtardığını bilmədən sənə necə kömək edə bilərik?" Rəbiyə deyər ki: "Yaxşı, elə rahat olacaqsınızsa deyim, iynəmi axtarıram. İynəmi itirdim." Kömək etməyə başladılar amma küçə çox böyük, iynə isə çox kiçik idi. Ona görə də dedilər ki: "Harada itirdiyini de, tam olaraq hara olduğunu de, yoxsa tapmaq çətin olacaq, ömür boyu axtarsaq da iynəni tapa bilmərik. Harada itirdin?" Rəbiyə deyər ki: "O sual da dəxlisizdir. Axtarmaqla bunun nə əlaqəsi var?" Qonşular dayanar və: "Sən əməlli-başlı dəli olmusan!" deyərlər. Rəbiyə cavab verər ki: "Yaxşı, hökmən elə razı olacaqsınızsa deyim, iynəmi evdə itirdim." "O zaman niyə burada axtarırsan ki?" dedilər. Və rəvayətə görə Rəbiyə belə bir cavab verər: "Çünki burada işıq var, evdə isə işıq yoxdur."

Bu hekayə çox əhəmiyyətlidir. Heç özündən nə axtardığını soruşmusan? Heç nə axtardığını dərin bir meditasiya mövzusu halına gətirdin? Xeyr. Bəzi naməlum anlarda, yuxuda olduğun anlarında, nə axtardığına dair kiçik bir hissə qapılmısansa belə, bu heç bir zaman qəti, tam şəkildə olmadı. Hələ onu təyin etməmisən. Təyin etməyə çalışdıqca nə qədər təyin etdikcə, bir o qədər axtarışın gərəkli olmadığını hiss edəcəksən. Arayış ancaq qərarsızlıq anında davam edir, bir yuxu halında yaranır. Dəqiqlik olmadığında, içdən gələn bir motivasiyaya, bir hissə qapılaraq, içdən gələn bir təntimə ilə itələnərək axtarışa davam edirsən. Bunu bilirsən ki, axtarışa ehtiyacın var. İçindən gələn bir ehtiyacdır bu. Amma nə axtardığını bilmirsən. Və nə axtardığını bilmirsənsə, necə tapa biləcəksən? Çox absurddur; elə bilirsən ki, açar pulda, prestijdə, möhtərəmlikdədir. Amma sonra hörmətli, güclü insanlara da baxırsan ki, onlar da axtarır. Çox zəngin insanlar görürsən və həyatlarının sonuna qədər axtarışa davam edirlər. O zaman zənginlik də işə yaramırmış, güc də. Arayış, əlində nə olursa olsun davam edir. Deyəsən arayış başqa bir şey üçün olmalıdır – deyirsən. Bu adlar, bu etiketlər – pul, güc, prestij – yalnız zehnini, nəfsini təmin etmək üçündür. Yalnız bir şey axtardığını hiss etmək üçün mövcuddurlar. Amma o şeyin hələ tərifi yoxdur: bu qəribə bir duyğudur.

Həqiqətən axtaran üçün – bir az oyanmış və fərqinə varan üçün – ilk lazım olan şey, arayışı dəqiqləşdirmək, nə olduğunun kəskin bir tərifini vermək, onu xəyal dünyasından çıxarmaq, dərin bir ayıqlıqda onunla qarşılaşmaq, içinə baxmaq, onunla üz-üzə gəlməkdir. Dərhal bir çevriliş başlayacaq. Arayışını dəqiqləşdirməyə başlasan ona olan marağını itirəcəksən. Nə qədər təsnifləşdirsən, o qədər azalacaq, mənasızlaşacaq. Nə olduğunu dəqiq olaraq bildiyin anda, birdən yox olacaq. O yalnız sən diqqətli olmadığında var, bunu ağlında saxla.

Təkrarı deməyimə icazə ver: axtarış yalnız yuxuda olduğun zaman var. Arayış yalnız oyaq olmadığın anda var, arayış yalnız fərqində olmadığın, bilmədiyin halda var olar. Fərqində olmamaq, bilməmək istər–istəməz arayışa, tədqiqata gətirib çıxarır.

Bəli, Rəbiyə haqlı idi, içəridə işıq yoxdur; içəridə işıq olmadığı, şüur olmadığı üçün, əlbəttə bayırda, xaricdə axtarışa davam edirsən çünki bayır daha dəqiq görünür.

Duyğu orqanlarımızın hamısı bayıra, çölümüzə istiqamətlidir. Gözlər bayıra açılır, əllər, ayaqlar kənara doğru hərəkət edir, qulaqlar kənardaki səsləri dinləyir. Sahib olduğun hər şey bayıra doğru açılır; beş duyğu – beşi də kənara istiqamətlənib. Axtarışa onlardan başlıyırsan; gördüyün, hiss etdiyin, toxunduğun şeylərdən. Duyğu orqanlarının istiqaməti bayıra, xaricə tərəfdir, axtaran isə içəridədir. Bu ikiliyin başa düşülməsi vacibdir. Axtaran içəridədir, amma işıq kənarda olduğundan, axtaran ehtiraslı bir şəkildə kənarda onu təmin edəcək bir şey tapmaq məqsədiylə hərəkətə keçir. Və o, heç vaxt tapılmayacaq. Heç bir zaman tapılmadı, tapılmayacaq. Şeylərin, məfhumların təbiətinə görə onun tapılması mümkün deyil, çünki əgər axtaranı axtarmırsansa bütün arayışın mənasızdır. Əgər kim olduğunu anlamasan arayışın mənasız olar, çünki axtaranı tanımırsan. Axtaranı tanımırsansa, doğru ölçüdə, doğru istiqamətdə axtarışın öhdəsindən necə gələ bilərsən? Bu mümkün deyil.

Hər şeydən əvvəl ilk addımlar atılmalıdır. Bu iki şey çox əhəmiyyətlidir: Birincisi, məqsədinin nə olduğunu dəqiq olaraq təyin et. Qaranlıqda özünü ora-bura vuraraq dolaşma. Diqqətini məqsədinə cəmlə: Nə axtarırsan? Çünki bəzən bir şeyi istəyərkən başqa bir şey axtarırsan, (özün yaxşı bilirsən) və onu tapsan belə qane olmazsan. Qazanmış insanları heç görmüsən? Və bundan daha böyük bir məğlubiyyətlə heç rastlaşmamısan. "Qalibiyyət qalibiyyət gətirər" deyə bir söz var. Tamamilə yanlışdır. Qalibiyyətdən böyük məğlubiyyət yoxdur. O cümləni axmaq insanlar uydurub. Təkrarlayıram: Qalibiyyətdən böyük məğlubiyyət yoxdur.

Rəvayətə görə Böyük İsgəndər dünyanın hakimi olduğu gün otağının qapılarını arxadan bağlamış və ağlamağa başlayıbmış. Bu həqiqətən baş veribmi ya yox, amma əgər bir az belə ağılı olubsa yəqin doğrudur. Baş əsgərləri bundan çox narahat oldular: Niyə? Çünki İsgəndərin ağladığını daha əvvəl heç kim görməmişdi. O tip bir adam deyildi; böyük bir sərkərdə idi. Onu həmişə çətinliklərin içində görürdülər; həyatının təhlükədə olduğu vəziyyətlərdə, ölümün qapıda olduğu anlarda belə gözündən bir damla belə yaş axdığını görməmişdilər. Ümidsiz halda görülməmişdi. Yaxşı, bəs indi nə olmuşdu? Qalib olduğu, tam da dünyanın hakimi olduğun an… Qapısını döydülər, içəri girib soruşdular: "Niyə beləsiniz, nə olub axı? Niyə uşaq kimi ağlayırsınız?" Cavab verdi: "Qalib olduğum anda, bax bu anda, bunun bir məğlubiyyət olduğunu hiss edirəm. İndi görürəm ki, dünyanı ələ keçirmək axmaqlığına başladığım anda hardaydımsa indi də tam olaraq oradayam. Və bunu indi anladım, çünki ələ keçirəcək başqa yer qalmadı. Yoxsa yoluma davam edərdim, başqa torpaqları da fəth etməyə çıxardım. İndi ələ keçirəcək yer qalmadı, heç bir çarə yoxdur və bir anda öz üzərimə yıxıldım."





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/oso/yaxinliq/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



Əgər sən yaxın olmağa hazırsansa, qarşındakının da yaxın olmasına yol aça bilərsən. Sənin açıqlığın onun açıq olmağını asanlaşdırar. Sənin təbiiliyin, onun təbiiliyinə, məsumluğuna, güvəninə, sevgisinə, açıqlığına izn verir. Sən olmasan, bu bəşəriyyətin şeirində, gözəlliyində bir şey əskik qalar. Bir musiqi, bir not əskik qalar, bir boşluq olar; heç kim bunu sənə söyləmədi.

Как скачать книгу - "Yaxınlıq" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Yaxınlıq" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Yaxınlıq", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Yaxınlıq»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Yaxınlıq" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги автора

Аудиокниги автора

5 ч. 08 мин. 37 сек.

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *