Книга - Sıyrılmış qılınc

a
A

Sıyrılmış qılınc
Cəlal Bərgüşad


Cəlal Bərgüşadın “Sıyrılmış qılınc” tarixi romanı məşhur xalq sərkərdəsi Babək Xürrəminin ölməz həyatına həsr edilmişdir. Romanda Babəkin azadlıq və istiqlaliyyət uğrunda xilafətə qarşı apardığı bir sıra şanlı döyüşlər təsvir olunur.





Calal Bərgüşad

Sıyrılmış qılınc





BABƏKƏ ƏBƏDİ ABİDƏ


Qədim tarixçilər insan zəkasıyla yaradılmış, dünyanı heyrətə gətirən nadir əsərləri möcüzə adlandırmışlar. Mənə elə gəlir ki, əgər müasir tarixçilər «möcüzəli insanlar» istilahını işlətmək fikrinə düşsələr Babək Xürrəmini onlardan biri hesab edərdilər. Tarix Babəki nəsillərə mərd, cəngavər və əfsanəvi bir şəxsiyyət kimi tanıtmışdır. Calal Bərgüşad «Sıyrılmış qılınc» romanını Babək Xürrəminin möcüzəli həyatına həsr etmişdir. «Sıyrılmış qılınc» müəllifin tarixi roman sahəsində ikinci əsəridir. Bir yazıçı kimi onun istedadı ilk tarixi romanı «Bozatın belində» əsərində üzə çıxmışdır. Təsadüfi deyil ki, «Bozatın belində» romanı Türkiyədə «Tərcüman» qəzetində dərc olunub türk oxucularına çatdırılmışdır. Hələ bu tarixi romanlarına qədər Bərgüşadı doğma Azərbaycanın müasir kənd və şəhərlərində qurub-yaradan əmək adamları daha çox maraqlandırmış, onlar barədə silsilə oçerklər, hekayələr yazmışdır. Bununla belə Calal Bərgüşad dünyanın bir çox ölkələrində olmuş, kapitalist aləminin eybəcərliklərini göstərən bir sıra hekayələr dərc etdirmişdir. Ancaq Bərgüşadı həmişə xalqının, vətəninin azadlığı, istiqlaliyyəti yolunda tarixi şücaət göstərən qəhrəmanlar düşündürmüşdür. O, vətəndaş sənətkar ehtirası ilə oxucusuna xatırlatmaq istəyir ki, sən böyük bir xalqın oğlusan! Sənin əcdadın Babək olub! Sən Qaçaq Nəbi nəslindənsən! Bu işıqlı qəhrəmanlar Calal Bərgüşadın yaradıcılığında mühüm rol oynayır və onların bədii ədəbiyyata gətirilməsində atdığı addımlar uğurludur. Müəllif, qələmə aldığı dövrü dərindən öyrənib yaradıcılıq süzgəcindən keçirərək, tarixi hadisələrə bu günün gözüylə baxır və bunları müasir tələblər mövqeyindən oxuculara çatdırır.

Romanı oxuyarkən adam istər-istəməz o dövrü, xilafətdə cərəyan edən hadisələri göz önünə gətirir… Tarixçilər Abbasilər dövrünü qızıl və intibah dövrü adlandırırlar. Lakin əslində bu dövr kəskin ziddiyyətlər, soyğunçu müharibələr, qorxunc sui-qəsdlərlə dolu idi. Acgöz Abbasi xəlifələri din pərdəsi altında talançı müharibələrini durmadan davam etdirir, tutduqları ölkələrdə az ağalıqlarını möhkəmləndirir, işğala məruz xalqlara ağır cəzalar verir, həmin ölkələrdə olmazın cinayətlər törədirdilər. Xilafətin sərhədləri o qədər böyük, o qədər geniş idi ki, xəlifələr artıq onu silah gücü ilə idarə edə bilmirdilər. Xilafətin Çin sərhəddində günəş çıxanda Əndəlüsdə (indiki İspaniyada) günəş batırdı. Azadlıq istəyən xalqlar tez-tez Abbasi xəlifələri əleyhinə üsyan qaldırırdılar. Bu üsyanların ən böyüyü və xilafət üçün ən qorxulusu Azərbaycanda baş verirdi. Xilafət qoşunu nə qədər güclü olsa da xalqın iradəsini qıra bilmirdi. Xürrəmilər üsyan zamanı xilafətin müvazinətini pozurdular. Belə qarışıqlıq dövründə xəzərlər şimaldan Azərbaycana hücuma keçib Dərbəndi tutur, Kür sahillərinə qədər yeriyib şəhərləri, kəndləri, obaları talan edir, yerli əhalini qandallayıb dəstə-dəstə xaqana hədiyyə göndərirdilər. Cənubdan isə Abbasi xəlifələri üsyan qaldırmış Azərbaycanın üstünə güclü qoşun göndərirdi. Mücahidlər üsyançı xürrəmiləri qılıncdan keçirir, arvad-uşaqlarını isə əsir edib Bağdadın qul bazarına göndərirdilər. Xəlifənin ən qorxulu düşməni bizanslar da fürsət tapan kimi qərb sərhədlərində qan tökürdülər.

Bütün bu müharibələrin ağırlığı ən çox Azərbaycan xalqının üstünə düşürdü. Azərbaycan yadelli işğalçıların tapdağı altında inləyirdi. Dinc əhali var-yoxdan çıxır, şəhərlər, kəndlər, obalar xarabazara çevrilir, fəlakətə, zülmə, aclığa dözməyən mərd xalqımız dağlara çəkilib yadelli işğalçılara qarşı qılınca sarılırdı.

Dövr qəhrəman istəyirdi! Elə bir qəhrəman ki, qılıncını sıyırsın, qələbəyədək qınına qoymasın, bu qılıncın gücü ilə beyinlərə böcək yeridən yadelli işğalçıları Odlar yurdundan qovsun! Belə bir qəhrəman Mimət nahiyəsinin Bilalabad kəndində dünyaya gəldi. O, Azərbaycan xalqının cəngavər oğlu Babək idi! Babək öz xalqını əsarətdən çıxarıb işıqlı dünyaya qovuşdurmaqdan ötrü dünyaya meydan oxuyan Abbasi xilafətilə iyirmi iki il vuruşmuşdur. Babək «Gil ayaqlı nəhəngin» ayağını iyirmi iki il Azərbaycan torpağından kəsmişdir. Babəkin vuruşmaları, bir sıra parlaq döyüş səhnələri Calal Bərgüşadın «Sıyrılmış qılınc» romanında öz əksini tapmışdır.

Babəkin dövrü, qılıncların qına qoyulmadığı bir dövr idi. Xilafətin paytaxtı Bağdadda – Altun sarayında hökmranlıq üstündə gizli və açıq daxili çəkişmələr gedirdi. Vaxtilə xəlifə sarayına yol tapmış nüfuzlu fars əyanları ərəblər tərəfindən darmadağın edilmiş keçmiş Sasani səltənətini yenidən dirçəltmək fikrinə düşmüşdülər. Hətta Xəlifə Harun öləndən sonra onun ərəb qızı Zübeydə xatundan olan oğlu Əminlə, fars qızı Məracil xatundan olan oğlu Məmun arasında böyük mübarizə başladı və nəticədə Məmun öz qardaşı Əminin başını qılıncla vurdurub xəlifə taxt-tacının sahibi oldu.

Calal Bərgüşad taxt-tac üstündə gedən bu qorxunc hadisələri incəliklərinə qədər təsvir etmişdir. Romanı oxuyarkən sarayda baş verən faciələri, sanki gözünlə görürsən, Xəlifə Harunun həmişə «qardaş» dediyi baş vəzir Cəfər ibn Yəhyanın ölüm səhnəsindən dəhşətə gəlirsən.

Müəllif doğma yurdunu yadelli işğalçılardan təmizləyən, xalqını azadlığa çıxartmaq istəyən, əsil insan hüquqlarını müdafiə edən Babəkin ədalətli mübarizələrini dolğun şəkildə verməklə yanaşı, hətta öz qəhrəmanını bir qədər əfsanələşdirməyə də səy göstərmişdir. Adama elə gəlir ki, Babək təkcə Azərbaycan xalqının havadarı deyil, ümumən bəşərin, haqqın müdafiəçisidir.

Calal Bərgüşad Babəki birdən-birə sərkərdə kimi təsvir etməmişdir. Müəllif öz qəhrəmanını müqəddəs atəşgahda dünyaya gətirmiş, Babəkin ayağı yer tutandan onun ləpirinə düşmüşdür. Elə ki, Babək ayaq açdı, sadiqlik mərasimində baş kahin – Möbədi-Möbədan onun belinə yun qurşaq bağladı, o özünü igid sayır, vaxtilə yadellilər tərəfindən qətlə yetirilmiş atası Abdullanın qılıncına sahib olur, Qaraqaşqasının belinə sıçrayıb düşmənə meydan oxuyur: «Atam deyərmiş ki, kimin ki qılıncı pas atıb, onun sahibi ölüdür!» Hətta bu söz Babəkin sıyrılmış qılıncının tiyəsinə də həkk edilmişdir. O, bir parça çörək üçün kiçik yaşlarında varlı bir kişinin ilxısını otarmış, at belində böyümüş, at belində qanad açmışdır. Yaylım vaxtı öz Qaraqaşqasının yalına sinib tay-tuşlarını arxasınca səsləmişdir. Anası Bəruməndlə Qanlı düzdə yer şumlamış, xürrəmilərin başçısı Şəhrək oğlu Cavidanın dəmirçixanasında xam atları miniyə öyrətmişdir. Sərkərdəsi Cavidanın mühüm tapşırıqlarını yerinə yetirmiş, Təbrizdə böyük var-dovlət sahibi Məhəmməd ibn Rəvvaz Əzdinin emalatxanasında ustaya şagird olub qılınc qayırmışdır. Lap axırda isə məşhur tacir Şibl ibn Munakanın sarbanı olub atası Abdulla kimi bütün xilafəti addımbaaddım dolaşmışdır. Gənc Babək xilafətin hər yerində xəlifə qılıncının törətdiyi asılılıqları, iztirabları, zülmü öz gözüylə görür. Babək məşhur Bəzz qalasının sahibi Şəhrək oğlu Cavidanın köməyilə sərkərdə olur… Bundan sonra Babək Xürrəmi bir dövlət xadimi kimi xilafətdə tanınır və hətta o, Abbasi xəlifələrini öz xalq ordusu ilə hədələyir. Xilafəti qorxu altında saxlamaq üçün Bizans imperatoru Feofillə müqavilə bağlayır.

Babək oxucunun nəzərində gah cəngavərdir, gah filosof, gah da Atəşgaha sitayiş edən sadə bir xürrəmi. Vətənpərvərlik, həqiqi məslək dostluğu, düşmənə qarşı barışmazlıq, el-obaya bağlılıq, qələbəyə inam eşqi Babəkin ruhuna hopmuşdur. Müəllif, Babəki bir sərkərdə kimi göstərmək üçün bəzi döyüş səhnələrini qəsdən geniş təsvir etmişdir. (Həştadsər, Həmədan döyüşü, Bəzz ətrafındakı vuruşlar və s.) Babəkin yaratdığı intizamlı, döyüşkən, mübariz xalq ordusu Xəlifə Məmunun və Xəlifə Mötəsimin saysız-hesabsız ordusu ilə dəfələrlə üz-üzə gəlir və çox vaxt da qalib çıxır. Nəhayət, Xəlifə Mötəsim ən məşhur sərkərdəsi Afşini, güclü və o zaman müasir təlim görmüş qoşunla Babəkin üstünə göndərir.

Məlumdur ki, keçmiş işğalçılıq müharibələri, əsasən din pərdəsi altında aparılırdı. Abbasi imperiyası da belə yaranmışdır. Calal Bərgüşad tarixiliyi nəzərə alıb, saray ilahiyəçilərilə atəşpərəst kahinləri arasındakı dini-ideoloji mübarizəni dövrün hadisələrinə möhkəm əlaqələndirmişdir. Biz, romanda Babəkin anası Bəruməndlə atəşgaha getdiyini görürük, atəşpərəst kahinin Babəkə verdiyi nəsihətləri eşidirik. Kahin həmişə Babəki başa salır ki, bizim düşmənimiz şər allahı Əhriməndir, dostumuz isə xeyir allahı ulu Hörmüzdür, atəşpərəstlərin peyğəmbəri Şirvindir.

Biz, baş kahini – Möbədi-Möbədanı ən ağır döyüşlərdə görürük. Baş kahin döyüşdən əvvəl ulu Hörmüzə yalvarır ki, Babəkin qılıncına qüvvət versin. Atəşpərəstlər Hörmüz yolunda, Şirvin peyğəmbər yolunda döyüşə atılırlar. Hətta Bəzz vuruşlarının birində ağır yaralanmış xürrəmilər vuruş meydanından çıxmırlar. Son çarpışmaların birində isə Babəkin əmri ilə döyüşçülər qılınclarının qınını tonqala atırlar. Bu o demək idi ki, daha qılınc qına girməyəcəkdir!

Babək dövründə xilafətin paytaxtı Bağdad dünyanın mədəni elm ocaqlarından biri sayılırdı. O zaman burdakı hikmət evində altı mindən çox alim çalışırdı. Altun sarayında da Əbu Nüvvas kimi məşhur şairlər, əl-Kindi kimi açıq fikirli filosoflar fəaliyyətdə idilər… Din və elm aləmində bir-birinə zidd bir sıra cərəyanlar əmələ gəlmişdi ki, müəllif yeri düşdükcə bu cərəyanların əhəmiyyətini göstərir və hətta filosof əl-Kindi ilə öz baş qəhrəmanı Babəki görüşdürür. Bu görüş səhnəsində igid Babəkin dərin idrak sahibi olduğu meydana çıxır. İşğalçıdan söhbət düşəndə Babək filosof əl-Kindiyə belə deyir: «Qoca, böyük başlar günahkardır… Dəryada böyük balıqlar kiçik balıqlara dinclik vermir! İndi xilafətdə bir çox millət az qalıb öz ana dilini də unutsun. Bəli, həqiqətdir bu! Mədrəsəsi olan kəndlərdə tamam rüsvayçılıqdır. Bu kəndlərdə çoban itləri də, naxırçı küçüyü də, ovçu tulası da az qalır saray avazında hürsün».

Romanda təsvir edilən obrazların əksəriyyəti tarixi şəxsiyyətlərdir. Şəhrək oğlu Cavidan, Dombagöz Əbu İmran, Harun, Əmin, Məmun, Mötəsim, şair Əbu Nüvvas, həkim Cəbrayıl, Zübeydə xatun, baş vəzir Cəfər, Hayzurana xatun, İshaq, cəlladbaşı Məsrur, əl-Kindi, Şeyx İsmayıl, Qərənfil, Fənhas, Bərumənd, tacir Şibl, Səhl ibn Sumbat, Müaviyə, Abdulla, Kəldəniyyə və nəhayət, baş sərkərdə Afşin! Böyüklü-kiçikli bu obrazların hər biri öz-özlüyündə bitkindir.

Onu da qeyd etmək lazımdır ki, xəlifələr apardıqları işğalçı müharibələrə, törətdikləri cinayətlərə bəraət qazandırmaq, xalqın gözündən pərdə asmaq üçün özlərinə qəsidələr yazdırır, din yolunda canından keçən mücahidlərini tərifləyir, şəhidlərinin şəninə isə mərsiyə dedirtdirirdilər. Bu məqsədlə Altun sarayına dövrün məşhur şairləri dəvət olunurdu. Əbu Nüvvas həm xəlifə Harun ər-Rəşidin nədimi, həm də sarayın nüfuzlu şairi idi. Filosof əl-Kindi Xəlifə Məmunun məsləhətçisi idi. Yeri gəldikcə müəllif, ayrı-ayrı fəsillərdə Əbu Nüvvas və başqa şairlərdən lirik parçalar verir, filosof əl-Kindinin kəlamları ilə romanını zənginləşdirir.

Müəllif, obrazlarını fərdiləşdirməkdən ötrü onların hər birini öz dililə danışdırır, həmin obrazlar yeri gəldikcə ərəb, fars və Azərbaycan məsəlləri çəkir, fikirlərini atalar sözləri ilə, hikmətli kəlamlarla bəzəyir, özlərinin milli mənsubiyyətini, siyasi-ictimai mövqelərini nümayiş etdirirlər.

Romanın dili sadə və obrazlıdır.

Tarixdən Babəkin ölümü hamıya məlumdur. Babək qətlə yetirilərkən dünyada misli görünməmiş qoçaqlıq göstərir. Calal Bərgüşad Babəkin qətl səhnəsini özünəməxsus bir orijinallıqla təsvir etmişdir. Xəlifə Mötəsimin hökmü ilə cəlladbaşı Məsrur zəncirlənmiş qəhrəmanı qılıncla doğramaq istərkən Babək gözlənilmədən məğlubiyyəti qələbəyə çevirir və o, düşmənə meydan oxuya-oxuya deyir:

«Cəllad gözümü bağlama! Mən son nəfəsimdə bu dünyaya, bu dünyadakı doğma Odlar yurduma baxa-baxa ölmək istəyirəm!»

Müəllif, Babəki oxucusunun gözündə daha da yüksəltməkdən ötrü düşməni Xəlifə Mötəsimin bu səhnə qarşısında necə sarsıldığını göstərir, onun dililə belə deyir: Bağışlanmalı şeytan idi, ancaq gecdir!»

Roman boyu Babək, zülmətlərə işıq saçan bir həqiqət qılıncı kimi parlayır, qürur, qəhrəmanlıq duyğuları aşılayır. Oxucu romanda təsvir edilən sarsıdıcı səhnələrlə tanış olduqca belə bir qənaətə gəlir ki, mən də gərək Vətəni Babəkim kimi sevəm! Mən də gərək doğma torpağı yadelli işğalçılardan Babək kimi qoruyam! Mən də gərək lazım gəlsə azadlıq və istiqlaliyyət uğrunda gedən mübarizələrə sinə gərəm!

Cəsarətlə deyə bilərik ki, yazıçı Calal Bərgüşad ağır, gərgin tədqiqat və yaradıcılıq axtarışları, sənətkar təxəyyülünün gücü sayəsində Babək Xürrəmini – nəsillərə nümunə olan bu qəhrəmanını «Sıyrılmış qılınc» romanı ilə yenidən dünyaya gətirmişdir. Cəsarətlə deyə bilərik ki, Calal Bərgüşad canı qədər sevdiyi doğma yurdu Azərbaycanda Babəkə əbədi bir abidə ucaltmışdır.



    ZİYA BÜNYADOV
    Azərbaycan EA-nın akademiki,
    Respublika Dövlət Mükafatı laureatı.




I

ŞİRİN CƏHƏNNƏM


Zahirən əsrarlı görünən dəbdəbəli saraylarda xidmət edənlərə qibtə etməyin! Onlar, sanki hər an taxtaları çürümüş gəmi ilə tufanlı dənizdə balıq ovuna çıxırlar. Əgər tale onların üzünə gülsə ovları uğurlu olar, gülməsə gəmiləri ilə birlikdə batarlar.


Baş məlaikə Hayzurana xatun, Roma imperatoru Neronun[1 - Ömrünü dəbdəbəli ziyafətlərdə və əyləncələrdə keçirən Roma imperatoru. Neron (64-68) tarixə «yadda qalan» bir şəxsiyyət kimi daxil olmuşdur. O, imperiyada böyük nüfuz qazanmış və hakimiyyət iddiasında olan doğma anası Aqrippinanı və məhəbbət macəralarına düçar olmuş, təmiz qəlbdən başqa gözəllik və ağıl sahibi olan arvadı Sabinə Pompeyi öldürmüşdür. Neron özünün aktyorluq və şairliyini imperator taxt-tacından üstün tuturdu. Hətta o, bir aktyor kimi səfərlərə çıxır, olduğu yerlərdə özünü imperator kimi deyil, aktyor kimi aparırdı. Neron 32 yaşında özünü öldürərkən son nəfəsində bu sözləri dönə-dönə təkrar etmişdir: «Təəssüf ki, böyük bir aktyor dünyanı tərk edir».] anası Aqrippina kimi hökmdarlıq iddiasında idi. O, oğlu Harun ər-Rəşiddən sonra nüfuzuna görə ikinci xəlifə sayılırdı. Rəsmən oğlu xəlifə olsa da dövlət işlərini əsasən o özü aparırdı. Xəlifənin başı, Neron kimi ovdan, kefdən ayrılmazdı. O hər gün Altun sarayındakı Qızıl ağacın altında dəbdəbəli məclislər düzəltdirər, burada şamların zərif işığı altında yarıçılpaq rəqqasələrlə əylənər, gözəl kənizlərin nəğmələrinə qulaq asardı. Məşuqəsi Qərənfil oxuduqca xəlifə şirin röyalara dalar, özünü hurilərin gül ətirli ağuşunda hiss edərdi. Bu şeiri xəlifə məşuqəsinin dilindən dönə-dönə eşitsə də usanmazdı:

Ürəyimə bir ox dəydi,
Sevgi oxu,
Yaşayacam bundan belə,
Sənə inam gətirməklə.
Qazanmışam
Bir məhəbbət əzabını,
Bir ürəyin dincliyini itirməklə.

Məclislər şən keçərdi. Soyuyub ara verəndə xəlifənin nədimi-ürək dostu şair Əbu Nüvvas[2 - Əbu Nüvvas o dövrün şairi (762 – 813).] xəlifə üçün başqa əyləncə tapardı… Fərraşlar, çaparlar, carçılar cəld atlanıb harın köhlənlərini Bağdadın daş döşənmiş küçələri ilə ora-bura çapardılar. Onların bağırtısı bütün məhəllələri ayağa qaldırardı:

– Camaat, eşidin, bilin, böyük və ədalətli Xəlifə Harun ər-Rəşid ova çıxacaq! Heç bir allah bəndəsi küçələrdə görünməsin!

Xəlifə Harun ov paltarını geyib hind səfirinin ona bağışladığı şirboğan Seyyuri itini yanına salar, çiynində ağ şahin, bər-bəzəkli Qara atına minərdi… Kim idi çaparların, fərraşların və carçıların hay-küyünə, hədə-qorxusuna baxan? Bütün Bağdad şəhəri Babil bataqlığına şir ovuna gedən Xəlifə Haruna tamaşa eləyərdi. Darvazalardan və pəncərələrdən neçə qara çadralı, neçə üzü qızıl rübəndli baş küçələrə tərəf uzanardı, neçə parlaq qara göz gizlicə xəlifəyə baxardı. Çoxları deyərdi:

–Mindiyi at deyil, allahın töhfəsidir. Bir şəhərin qiyməti var!

Tamaşaya duranlar xəlifədən daha çox onun Qara atına baxardı. Qədim Sasani padşahları kimi Xəlifə Harun da atını zər-zibaya tutdurmuş, yalına və quyruğuna xına qoydurmuşdu. Atın yalı elə bil qız teli idi. Qızıl yəhərin qaşında daş-qaşlar bərq vururdu. Üzəngi də qızıldan idi. Atın cilovu nadir mirvarilərlə, incilərlə bəzədilmişdi. Qara at çilçıraq kimi alışıb yanırdı. Əcnəbi tacirlər mübahisə edirdilər:

– Deyirsən, yəni bu at cənab Əlinin çəpgöz Dül-Dülündən yaraşıqlıdır?

– Görmürsən? O ki göz qabağındadır,

– Bu atı bu daş-qaşlarla bazara çəksələr kimin pulu çatar ona?

– Heç Qara ata Bağdadın qul taciri Fənhas da yaxın düşə bilməz! Süqüləbd qul bazarında bu ata azı on min qul verərlər…

Neçə gün, neçə gecə Babil bataqlığının yaxınlığında, Savadın qoruqlarında ağ çadırları külək yellədərdi. Sürükçülər ov itlərini bataqlığa qısqırdıb hay-küylə vəhşi şirləri qovardılar. Şirlər tora, dərin lağıma düşərdi… Lağımda çapalayan qəzəbli şirlərin üstünə neçə ox birdən yağardı. Şirlər gücdən düşdükcə Xəlifə Harun xüsusi nəşə duyardı. Seyyuri cəld lağıma atılıb şirin boğazından yapışar, ovu Harunun ayaqları altına atardı.

Altun sarayında söz-söhbət ancaq xəlifənin uğurlu ovundan, onun istəkli məşuqəsi Qərənfillə musiqili çadırda əylənməsindən, nədimi Əbu Nüvvasın ov zarafatlarından gedərdi.

Sarayda nəql edirdilər ki, guya Babil bataqlığına çatanda şair Əbu Nüvvas lovğalanıb atının çilovunu buraxır və ox kimi xəlifənin böyründən ötüb keçir:

– Hm!.. Mənə çatan igid istəyirəm – deyə Əbu Nüvvas Xəlifə Haruna göz vurur: – Harda qaldınız? Arxada qalan şirə qismət olar.

Xəlifə Harun hiss edir ki, Əbu Nüvvasın kefi yuxarıdır. Ona bənd olmur. Hətta dalınca at salmaq istəyən ovçulara da acıqlanır:

– Şairlə işiniz olmasın! İnciyər bizdən. Ovda belə şeylər olar, bura Altun sarayı deyil.

Ovçular atlarının cilovunu çəkirlər. Ancaq sərxoş şair Əbu Nüvvas şıltaqlığından qalmır. Atının başını geri çevirib qalib sərkərdələr kimi:

– Ya əmirəlmömin – deyir – Qara atını az təriflə, sizi arxada qoyar, şir pəncəsinə düşərsiniz.

Xəlifə Harun ər-Rəşid bu dəfə pərt olur, cızığından çıxan nədimini hüzuruna çağırtdırır:

– Ey sərsəri şair – deyir – yoxsa başın bədəninə ağırlıq eləyir?

Əbu Nüvvas cəld özünü yığışdırır və üzünü günəşə tutub gülümsəyə-gülümsəyə cavab verir:

– Ya əmirəlmömin, mən Zöhra ulduzuyam. Zöhra ulduzu isə günəşdən qabaq çıxır ki, bütün aləmə günəşin gəlişini xəbər versin!

Xəlifə-Harunun rəngi-ruhu açılır:

– Şair, nə qədər ki, mən sağam sənə ölüm yoxdur. Bu kəlamına görə sənə on qul qız bağışlayıram.

Şair Əbu Nüvvas hökmdara baş əyib atını Babil bataqlığına tərəf səyirdə-səyirdə ucadan deyir:

– Bənd olma boş başlara!..

Nəhayət, belə gülməli əhvalatlar, digər ov macəraları da xəlifənin gözündə adiləşərdi. Belədə xəlifə nədimi Əbu Nüvvasa gözucu baxıb qımışardı:

– Sübhanəllah.

Bu, bir işarə idi ki, başqa əyləncə fikirləşsinlər. Nədim dərhal əl-ayağa düşərdi. Allahın hədiyyəsi Bağdadda hökmdara əyləncə tapmağa nə vardı! Onsuz da bütün islam dünyası xəlifədən ötrü başdan-başa əyləncə idi. Talelərlə oynamaq ona bir adət olmuşdu.

Bağdadın cıdır meydanını at kişnərtisi titrədərdi. Dəhşətli döyüşlərdə qolları bərkiyib dəmirə dönmüş süvarilər balacaboy, qara atlarının yalına yatıb xəlifənin önündə ildırım kimi çapardılar. Qiymətli ənam gözləyən yüngül bədənli, qıvraq çaparlar hünərlərini xəlifəyə göstərməyə çalışardılar. Cıdırdan sonra Harun ər-Rəşidin çox sevdiyi sövləncan və qura oyunları başlanardı… Oyunçular at üstündə aşım-aşım aşar, fır-fır fırlanardılar. Atın qaçarağında düşüb təzədən yəhərə qalxar, xəlifənin qarşısından ötərkən qılınclarını oynadıb bağırardılar:

– Məhv olsun xəzərlər! Dərbəndə gedib gücümüzü xəzərlərə göstərmək istərdik!

– İstərdik!

– Ya əmirəlmömin, əgər Əndəlüs valisi Birinci Hakim bir də cızığından çıxsa bizi birbaşa onun üstünə göndər!

– Göndər!

– Böyük hökmdar, Bizans Bağdada bac verməkdən boyun qaçırsa, biz onun torpağını torba ilə daşıyarıq!

– Daşıyarıq!

– Qibleyi-aləm, xürrəmilər[3 - Xürrəmilər – bir sıra tarixçilər «xürrəmi», «xürrəmidini» və «xürrəmidinilər» sözlərini yanlış başa düşmüş və onlar bu sözləri Babək dövrü ilə bağlamışlar. Əslində bu belə deyildir. Tarixdən məlum olur ki, «xürrəmi», ya «xürrəmidin» adı hələ ikinci əsrdə İranda yeni din tərəfdarlarına verilən ümumi bir addır. Xürrəm – farsca xür, xvar, xorena, ərəbcə – günəş, od mənasındadır. Xürrəmilərə müxəmmirə və muğlar – yəni sehrbazlar deyirdilər.] qılıncımıza səcdə edəcəklər! Şəhrək oğlu Cavidan önümüzdə diz çökəcək!

– Diz çökəcək!

Cıdır meydanında keçirilən belə mərasimlərdə məqsəd əslində xəlifənin gücünü və əzəmətini camaata göstərmək idi.

Bu çaphaçap da Xəlifə Harunu yorardı:

– Sübhanallah!..

Cıdır meydanında «ölü güldürənlər» peyda olardılar. Zər-xaraya bürünmüş iriburunlu, leyləkqıç, cırımağız, caydaq məzhəkəçilər meydanda görünərdi. Yarasa cildinə girmiş bir məzhəkəçi, tülkü qiyafəsində özünü dartan hoqqabazın qılçından bərk-bərk yapışıb, cır səslə ona yalvarırdı:

– Amandı, qoymayın, gündüz uçsam, gözəlliyimi görüb məni ovlayarlar.

Gülməkdən ürəyi gedənlər də olurdu. Hırıltı dalğası meydanı titrədərdi. Xəlifə qaşlarını dartıb barmaqlarını şaqqıldadardı. Məzhəkəçilər gah meymun, gah tülkü, gah da şir cildinə girib kefcil xəlifəni qəşş edincə güldürərdilər. Özlərini cürbəcür heyvana oxşadan məzhəkəçilər hərdən əcaib səslə şeir oxuya-oxuya meydanda atılıb-düşərdilər:

Bütün qazılardan ağıllı idi,
Eşşəyim mənim.
Söhbətli idi, nağıllı idi
Eşşəyim mənim.
Bir gün qəfildən
Rəhmətə getdi
Eşşəyim mənim.
Mən onu bir gün yuxuda gördüm,
Dedim: eşşəyim, çoxaldı dərdim.
Sənə səpsərin sular içirtdim,
Təzə, dənəvər arpa yedirtdim,
Mənim ağıllı, göyçək eşşəyim,
Tükü ipək eşşəyim.

«Eşşək» sözü, adətən qazılara yazılan məzəli şeirlərdə çox işlənərdi, «eşşək» deyəndə qazılar nəzərdə tutulardı. Xəlifə Harun «ölü güldürənlər»dən belə şeir eşidəndə nəfəsi qaralınca gülərdi. Əyanlar da ona xoş gəlsin deyə, eynilə xəlifə kimi uğunardılar. Xəlifə birdən dikəlib:

– Sübhanəllah! – deyərdi.

Altun sarayında şahmat oynayanlar əsnəşər, xəlifənin cıdır meydanından qayıtmasını gözləyərdilər.

Xəlifə üzünü baş vəziri Cəfər ibn Yəhya Bərməkiyə tutardı:

– Başlasınlar!

– Əmirəlmöminə itaət borcumuzdur…

Şahmat oyunu başlanardı. Burda da qalibə xəlifə qiymətli ənam verərdi. Harunun ən qiymətli hədiyyələrini Altun sarayının məşhur şahmatçısı Hafiz Şətrənci alardı .O, ənamı qəbul edəndən sonra xəlifənin oğlu Məmunla oynayardı. Adətən özü qəsdən ona uduzardı. Axırda Xəlifə Harun çoxlarını mat qoymuş oğlu Məmunla özü təklikdə oynayardı. Məmun atasını da məğlubiyyətə uğradardı.

Xəlifə Harun pərt olsa da üzə vurmazdı.

– Bir də oynayaq!

Sonrakı oyunlarda Məmun bilə-bilə atasına uduzardı ki, onun kefi pozulmasın. Bunu hiss edən Xəlifə Harun həm sevinər, həm də kədərlənərdi. Fars qızı Məracil xatundan olan oğlu Məmun, yəni belə mahirdir? Yəni xəlifənin-şüuru belə korlaşdı? Görəsən, güzəştə möhtac olan odurmu?

Şahmat oyunları da Xəlifə Harunu təngə gətirəndə mövqeyinə yaraşmayan oyunlarla məşğul olardı. «Qardaş» dediyi baş vəziri Cəfərlə sarayın məxfi bir guşəsində mərc qoşub həm xoruz döyüşdürər, həm də it boğuşdurardı. Yarışın hakimi Əbu Nüvvas olardı. Həmişə də bir qayda kimi baş vəzirin iti basılar, xoruzu qan-qeysər edilərdi. Qələbədən eyni açılan xəlifə, Əbu Nüvvasa göz vurardı: «Gedək!»

Əbu Nüvvas meydən xumar vəziyyətdə Xəlifə Harunla saatlarla təkbətək oturub söhbət edər və ona qızlardan məzəli şeirlər oxuyardı:

Qız deyil, qızıldır…
Əli-ayağı,
Alışan yanağı laləli yazdır,
Arzudan şirindir dili, dodağı,
Bircə baxışına min dinar azdır.

Altun sarayının «ulu xəlifəsi» əyləncəyə, eyş-işrətə elə uymuşdu ki, öz incə, ağıllı və gözəl zövcəsini baş məlaikə Zübeydə xatunu ayda bircə dəfə qəbul etməyə vaxt tapardı. Həmin xoş gecəni Zübeydə xatundan daha çox saraydakı məşşatələr, rəqqasələr, müğənnilər, xacələr və kənizlər gözləyərdilər. Xəlifə baş məlaikəyə hörmət məqsədilə onunla yataq otağında olduğu gecə saraydan yüz qul azad edərdi. Bu bir növ Şərq siyasəti idi. Xəlifə olduqca hiyləgər idi. O, hətta zindanda yatan məhbuslar üçün dini bayram günləri xüsusi dinar da buraxdırardı. Belə pulların üstündə xüsusi nişan olduğundan bunları, ancaq məhbuslar xərcləyə bilərdi.

Adətən Xəlifə Harun ər-Rəşidin başı kefə qarışanda taxt-tacında anası Hayzurana xatun əyləşərdi. O, taxt-tacı anasına qısqanmazdı. Əksinə, çətinə düşəndə baş vəziri Cəfərdən sonra anası ilə məsləhətləşərdi:

– Mənim ağıllı anam, bu kafir xürrəmilər Bəzzdə yenə dinc dayanmırlar. Onlarla necə bacarmaq olar? Neçə vergi məmurumuzu öldürüblər. Neçə dəfə Bağdaddan Dərbəndə gedən karvanlarımızı Araz üstündə qarət ediblər. Bu kafirlərə qılınc kar eləmir.

– Mənim ağıllı oğlum, al geyinən bu yaramazların kökünü kəsmək sənə o qədər də asan gəlməsin. Mərd döyüşündə onlar səni yıxa bilərlər. Burda baş işlətmək lazımdır. Sən Əbu İmranla gizli əlaqə saxla, ona böyük ənam vəd elə. Dost min olsa azdır, düşmən bir olsa çoxdur, əsas dostların sayını artırmalısan. Bil ki, ağacı həmişə qurd içindən yeyər… Biz, Sasani padşahı kimi böyük bir padşahı məhv etmişik, ancaq Azərbaycan hələ diz çökməyib. O diz çökməyincə gecələr yuxun ərşə çəkiləcək.

– Mənim ağıllı anam, hər şey aydındır. Ölüncə vuruşacağam ki, Azərbaycan diz çöksün.

Elə ki qasid Bəzzdən qırmızı lələkli məktublar gətirirdi, hökmdar anası Hayzurana xatunun qırışlı sifətində, sanki ilanlar qaynaşırdı: «Bilmirəm bu kafirlər oğlumdan nə istəyirlər?! Mən onların öhdəsindən gələrəm. Yaxşı!.. Ancaq başımızı leyləkboğaz baş vəzir Cəfər yaman qatıb. Bir də ki bizanslar dinclik vermirlər bizə. Xəzərlərdə xəncərlərini itiləyiblər, Dərbəndə soxulmaq istəyirlər. Əndəlüs valisi Birinci Hakim mənim oğlumu tanımaq istəmir. Yaxşı ki fransız kralı Böyük Karl oğlumla dostdur. O, gələcəkdə Hakimi susdura bilər. Tanrı qənimini yetirib. Bilmirəm bu nadinc misirlilərə nə düşüb? Gündə bir üsyan qaldırırlar. Görünür, xürrəmi qılınclarının cingiltisi gedib onların da qulağına çatıb. Eyb etməz, mən hələ ölməmişəm. Qoymaram xilafət parçalana, bir tikə torpaq qopub ayrıla».

Artıq, xilafətin müvazinəti pozulurdu. Onu ayaq üstə saxlamaq olduqca çətin idi. Hayzurana xatun bilmirdi ki, nə etsin, neçə etsin. Gecə-gündüz oğlunun taxt-tacına keşik çəkə-çəkə ilana cığır fikirləşirdi.

Hayzurana xatunun da, Xəlifə Harunun da yuxusuna haram qatan ən çox gizli saray çəkişmələri idi. Ana-bala açıq düşmənlərdən çox gizli düşmənlərdən qorxurdular. Bir yandan şöhrətpərəst fars əyanları baş vəzir Cəfərin ətrafına toplaşıb qaynaşırdılar, bir yandan da xəlifənin ərköyün, hikkəli zövcələri bir-biri ilə didişirdi. Gör iş nə yerə gəlib çatmışdı ki, baş vəzir Cəfərin sevimli məşuqəsi, Xəlifə Harunun doğmaca bacısı Abbasə də farslara rəğbət bəsləyirdi.

Abbasə çoxdan qardaşı arvadlarına acıq elədiyini bəhanə gətirərək Naxrəvan yaylağında yaşayırdı. Baş vəzir Cəfər neçə il idi ki, gecələr atını bu yaylağa çapıb Abbasə ilə görüşürdü. Abbasə baş vəzir Cəfərdən dünyaya iki oğlan uşağı gətirmişdi. Abbasənin sarayına lap əvvəldən baş vəzirin adamları keşik çəkirdi və hər şeyi sirr kimi saxlayırdılar.

Abbasə istəyirdi gələcəkdə qardaşı Harunun taxt-tacına oğlanlarından biri sahib olsun. Ancaq onun bir məsələdən xəbəri yox idi ki, Zübeydə xatun gecə-gündüz baş vəzir Cəfəri izləyir, onun bütün məxfi işlərini tədricən öyrənir və bunları Xəlifə Haruna xəbər vermək üçün münasib vaxt gözləyirdi.

Altun sarayında baş verən bir-birindən təhlükəli hadisələr çoxlarının boynunu çəkib cəllad Məsrurun kötüyünün üstünə gətirəcəkdi. Bəzi saray əyanları bu barədə fikirləşmədən öz işlərində idilər. Ehtiraslar get-gedə qızışır, Harun ailəsinin daxili böhranı daha da kəskinləşirdi.




II

XƏLİFƏNİN YATAQ OTAĞINDA


Əsl məhəbbət yalnız qadınlara məxsusdur.

    Gi de MOPASSAN.

Altun sarayında nüfuz və mənsəb sahibi olan farslar ortaya vəliəhd söhbəti atmışdılar və bu söhbət xilafətdə ağızdan-ağıza gəzir, təhlükəli şəkil alır, beyinləri dumanlandırırdı. Sarayın baş cəlladı Məsrurun iti qılıncı kimin başında çatlayacaqdı? Bu, məlum deyildi. Məlum olan bu idi ki, Xəlifə Harunun zövcələri arasında qısqanclıq və düşmənçilik hissləri tədricən güclənirdi. Vəliəhd məsələsi gah onu, gah bunu alov kimi qarsıdırdı. Zövcələr elə dərdə düçar olmuşdular ki, bunu Məkkədəki müqəddəs Həcəri əsvəd[4 - Həcəri-əsvəd – haçansa göydən Məkkəyə düşmüş meteor parçası. Buna Qara daş deyirlər. Bu daş müqəddəs sayılır. Ziyarətə gedən hər zəvvar o daşın başına dolanıb öz niyyətini bildirir.] də sağalda bilməzdi.

Ərəb əyanlarını baş vəzir Cəfərin tərəfdarları sıxışdırırdılar, sarayda ərəblər dərdlərini deməyə bir adam axtarırdılar. Ümid bağladıqları bircə baş məlaikə Zübeydə xatun idi, o da Təbrizdə idi. İsitmə xəstəliyinə tutulduğuna görə Zübeydə xatun sağalınca Təbrizdəki yaylağında qalmalı idi.

Baş məlaikə gözlənilmədən Bağdada qayıtdı. Onun gəlişi farsları qəzəbləndirsə də, ərəbləri sevindirdi… Günəş Həməl bürcündən çıxan günün axşamı artıq Zübeydə xatun Xəlifə Harunun yataq otağında idi. Qullar, cariyələr və xacələr bir-birini muştuluqladı. Onların arasında fal açanlar çox idi. Görəsən, tale bu dəfə saray əsirlərindən hansının üzünə güləcəkdir?!

Zübeydə xatun qəsdən özünü xəlifəyə incik göstərirdi. Onda bir adət vardı, tələsməzdi, əvvəl şamları yandırıb incə belini əsdirə-əsdirə giley-güzara başlayar, xəlifənin daş ürəyini əlinə alıb muma döndərər və öz xeyrinə bəzi vədlər alandan sonra fələyə bac verərdi.

Xəlifə Harun tələsmədən bir-bir şamlara od vuran Zübeydə xatunun kölgəsinə çevrilib onunla birlikdə gəzinir və əllərini zövcəsinin qızıl tozu səpilmiş gur saçlarına toxundurub, ehtirasla qara gözlərini onun çəmən qoxuyan dolu sinəsindən çəkmirdi. Zübeydə xatun xüsusi bir əda ilə ərini süzüb:

– Səbir elə, – dedi, – mənim xeyirxah və ədalətli hökmdarımla açıq danışa bilərəmmi?

Xəlifə zövcəsinin ürəyindən keçənləri duymuşdu. O, dodaqlarını ehmalca Zübeydə xatunun ulduzlu saçlarına toxundurub pıçıldadı:

–Mənim gözəl mələyim bilməlidir ki, bu anda hökmdarlıq xanımların əlində olur.

Zübeydə xatun şamların hamısını yandırıb qurtardı və yataq otağının ortasındakı xalının bir küncündə əyləşdi.

–Bilirsən nə üçün belə adət yaranıb? Yataq otağının şamlarını, adətən xanım özü yandırmalıdır.

–Nə üçün belədir?

– Ərlərə xoş olsun deyə. Mən bütün şamları alışdırdım. Sən də söz ver ki, mənim qəlbimdəki yüz çıraqdan bircəsini yandıracaqsan.

– Gözəlim, ərz etdim ki, bu gecə hökmdar sənsən!

Zübeydə xatun ürəkləndi:

– Əmirəlmömin onu bilməlidir ki, mən təkcə onun qadını deyil, həm də əzəmətli taxt-tacın sadiq keşikçisiyəm. Al geyimli xürrəmilər Bəzzdə üsyan qaldıranda saraydakı farslar sevindiklərindən bilmirdilər nə etsinlər. Sən Babil bataqlığında şir ovunda olarkən mən gecələr bu sarayda yata bilmirdim. Əgər farsların səndən qorxusu olmasaydı, bəlkə Cavidana kömək də göndərərdilər. Təbrizdə fikir məni üzmüşdü. Sarayın külli ixtiyarını baş vəzir alıb öz əlinə. Altun sarayında onun ağalığı uzunmu sürəcək?

Zübeydə xatunun dizinə baş qoyan xəlifə onun incə belinə qol doladı.

– Mənim mələyim bilməlidir ki, bu çayda bir kuzə batıb, onu da tapıblar Yer üzündə allah bir olan kimi, xilafətdə də hökmdar birdir. Baş vəzir Cəfər olsa-olsa mənim Seyyuri itimə tay olar.

– Görüm qadir allah səni daha da uca eləsin. Fəqət istəyirəm biləsən həmişə ağızdolusu «qardaş» dediyin o baş vəzir Cəfər neçə ildir sənin taxt-tacına müştəri gözü ilə baxır. Məqam düşsə o sənin də, oğlunun da gözlərinə mil çəkdirər, bunu bil. Yadında varmı, məni Təbriz yaylağına ötürərkən yolda deyirdin ki, «düşmənə inanan özünə düşməndir, xainləri güldürmək sadiqləri öldürmək deməkdir!» Baş vəzirə ki, belə meydan veribsən neçə dost-tanış səndən üz döndərib, hətta sirdaşın şair Əbu Nüvvas Misirə qaçmaq istəyir… Sarayın mühafizə dəstəsi baş vəzirin buyruğu ilə durub-oturur. O hiyləgər farslara bel bağlamaq olar? Müqəddəs Məkkə haqqı, onlar Dəmirçi Gavənin[5 - Dəmirçi Gavə İranın qədim əfsanəvi qəhrəmanıdır. O, İranı istila edən ərəb Zöhhakın əleyhinə üsyan qaldırıb onu taxtdan salmışdır.] bayrağını yenidən qaldıra bilərlər. Əmirəlmömin bilməmiş deyil ki, şahmat oyununda farslar olduqca mahirdirlər. Hətta sənin o fars qızı Məracil xatundan olan oğlun Məmun məşhur şahmatçı Əbu Hafiz Şətrəncini mat qoyur. Siyasətdə də şahmat oynayan farslarla son dərəcə ehtiyatlı olmalıyıq, yoxsa başımız ağrıyar. Hökmdarıma onu da deyim ki, qardaş qardaşın, ancaq süd payına şərik ola bilər. Şükür allaha, Əminlə Məmunun süd payı da ayrı olub…

Xəlifə Harun cavab verməyəndə Zübeydə xatun daha da coşur, sarayda kimdən xoşu gəlmirdisə onu ərinə şeytanlayırdı. İndi o, baş vəzir Cəfəri unudub sarayın ən nüfuzlu filosofu əl-Kindinin[6 - Yəqub ibn İshaq əl-Kindi (ölüb 874) – ərəblərin məşhur filosofudur. O, rəngli ərəb xəritəsinin müəllifidir. Onun xəritəsində yollar qırmızı, səhra sarı, dəniz yaşıl, çaylar göy rənglə, dağlar isə tozcuqlarla işarə edilmişdir. Xəritədə iki dəniz təsvir olunmuşdu. Əl-Kindi bu məsələdə Qurana əsaslanmışdır. İtaliya filosofu Çeroloma Kardano (1501 – 1576) əl-Kindini dünyada yaşamış on iki ən nəhəng filosoflardan biri hesab edir. Əl-Kindi nəzəri görüşünə görə mötəzilli idi. O, sarayda xəlifə oğlanlarına tərbiyə verirdi. Xəlifə əl-Mütəvvəkkil (847 – 861) əl-Kindini nüfuzdan salıb, onun kitabxanasını zəbt edib və özünü saraydan qovmuşdu. Əl-Kindi bəzi hallarda xürrəmilərə rəğbət bəsləyirdi.] üstünə düşmüşdü:

– Ay başımın tacı, o xaçpərəsti saraydan qovmasan farslar üstümüzə ayaq alacaqlar. O çoxbilmiş keşiş durub-oturur Məmunun beynini cürbəcür axmaq fikirlərlə doldurur. Mən neçə dəfə bax, bu qulaqlarımla eşitmişəm.. Məmuna deyirdi ki, üsyançı xürrəmiləri ucdantutma qırmaqda hökmdar günah iş tutur. Əgər belə getsə kimdən vergi alınacaq? Ölülərdənmi? Xəzinə boşalacaq, çoxları müflis olub düşəcək dərviş gününə. Əl-Kindi özünü elə göstərir ki, elə bil sarayda xəlifəni ondan çox istəyən yoxdur.

Harun ər-Rəşidin qolu Zübeydə xatunun belində qalmışdı. Susmuşdu. Özünü yenə laqeyd aparır və elə bil heç bu deyilənləri eşitmirdi. Zübeydə xatunun isə ürəyi dolu idi. O istəyirdi gecə qurtarıb sübh açılmasın. Ərinə deyiləsi o qədər xəbər var idi ki…

Xəlifənin münasib olmayan belə bir vaxtda xanımından eşitdiyi giley-güzardan xoşu gəlməsə də, hörmət xatirinə hələ dözürdü. Zübeydə xatun Təbrizdən qayıdandan sonra yaman dəymədüşər olmuşdu. Küsə bilərdi. Hər şey onun ürəyinə toxunurdu. Yaxşı ki, Məracil xatunun dediyi sözlər hələ gəlib onun qulağına çatmamışdı: «Keçi Təbrizdən gəldi, özü ilə bir kisə qızdırma da gətirdi». Yaxşı deyiblər: İki ölünü bir qəbrə qoymaq olar, iki arvadı bir evdə saxlamaq olmaz. Əgər Zübeydə xatun Məracil xatunun onun barəsində nələr söylədiyini eşitsəydi, özü hökmdara demədən cəlladbaşı Məsruru çağırtdırardı. Əmr edərdi ki, Məracil xatundan doğulan xəlifə oğlu, Məmunun başı vurulsun.

Xəlifə bilirdi ki, Zübeydə xatunun qəzəbi hüdudsuzdur. Odur ki, Zübeydə xatun danışdıqca bəzi sözləri eşitməzliyə vururdu. Bəzən qımışır, bəzən zövcəsinin sözlərini başını yüngülcə tərpətməklə təsdiq edirdi.

– Gözəl mələk, bir ricam var.

– Əmirəlmöminə itaət borcumdur.

– Təvəqqe edirəm söhbətə şəkər qataq. – O, Zübeydə xatunun belini daha möhkəm sıxıb əlavə etdi. – Bu yataq otağında baş vəzir Cəfər deyilsən ki, mənimlə rəsmi danışasan. Təvəqqe edirəm, gözəlim nəzərə alsın ki, onun bəzi sözləri otağın havasını soyuda bilər. Yadındadırmı, nişanlı vaxtı hər yay səni Təbriz yaylağına özüm aparardım. Orda sən şeir yazardın, şeir deyərdin.

Xəlifə qollarını incə belə daha möhkəm dolayıb sıxdı.

– Yavaş!

– Şəkərim, bağda bülbüllər oxuyur. Bülbüllər kimi biz də nəğməyə möhtacıq…

Zübeydə xatun təzəcə yazdığı şeirini şirin bir avazla oxudu:

Ey qaragöz ərəb qızı,
Ey parlayan bəxt ulduzu!
Gülüşlərin nə şirindir,
Baxışların nə xumardır!
O baxışdan allah özü
Od umardı, pay umardı.

– Oxu, yenə oxu!..

Zübeydə xatunun iri, qara gözləri sevincindən alışıb-yandı, dodaqlarında təbəssüm oynadı. Bununla o, Harunun ehtirasını bir qədər də alovlandırdı. Və yavaşca alnını Harunun sinəsinə söykədi:

– Təəssüf ki, belə şeirlər həmişə yox, ancaq yataq otağında söylənir.

Xəlifə onsuz da daxilən gərgin idi, bu sözlərdən tutuldu. Zübeydə xatunun belini sıxdığı qolları boşaldı. Zübeydə xatun bir az geri durub məsumcasına xəlifənin gözlərinə tamaşa elədi və başını zərif bir əda ilə tərpətdi: «yoxsa incidin?» Amma yenə öz üstünlüyünü saxlayaraq:

– Qadir allah bilir ki, əsil şairlər məhəbbət şeirini onun qədrini bilənlər üçün yazırlar – dedi. – Bülbüllər əsil məhəbbət aşiqləridir. Ona görə də nəğmələri həmişə təzə qalır. Şairlər deyir ki, əsil həqiqi məhəbbət hökmdarlardan uzaqdır.

Əsəbdən xəlifənin qırmızı saqqalı səyridi, onun alnındakı çapıq yeri qaraldı.

– İstəkli xanımın bu gecə məni kədərləndirməkdə məqsədi nədir?

– Ağıllı-kamallı böyük bir hökmdarı kədərləndirməkmi olar? Allahdan ona dağ ömrü diləyirəm.

…Buludsuz səmada ulduzlar çiçəkləmişdi. Külək hərdən pəncərənin yaşıl, ipək pərdələrini aralayır, içəridən göydəki Ağayol aydın görünürdü.

Hərdən bağdakı ağacların xışıltısı eşidilirdi. Budaqlarda gecələyən quşların hamısı yuxuda idi, bircə bülbüllərdən başqa. Nəğməkar bülbüllər fəvvarə vuran ağ mərmərli hovuzların dövrəsində oxuyurdu.

– Heyf nişanlı günlərimizdən, o vaxtlar bir-birimizə necə də əziz idik – deyə Zübeydə xatun yüngülcə ah çəkib söhbəti təzələdi. – Yadındadırmı, Azərbaycanı töhfə alanda sənə təzə nişanlanmışdım. Nişanlı günlərimizdə Dərbəndə getdik. Orda mənim şərəfimə bağ saldırdın, dəyirman tikdirdin. Sonra Təbrizə qayıtdıq. Təbrizdə məndən ötrü tikdirdiyin yay sarayının qabağında gur sulu bir kəhriz də vurdurdun. Dedin: «Bu da Zübeydə xatun kəhrizi». Hər gün o kəhrizdən su içəndə səni yada salırdım. Elə gözəl sərin suyu var ki! Heyf o qayğısız günlərdən. Yadındadırmı Təbriz yaylağında gül-çiçəkdən mənə çələng hörərdin. Bağdada qayıdarkən gecələr ən çox saray bağında mənimlə gəzərdin. Sonra da ay işığında yelkənli qayıqlara minib Dəclədə səhərə kimi üzərdik.

– Əzizim, bu dediklərin heç yaddan çıxarmı? İstərdim belə xoş xatirələri ömrün boyu unutmayasan.

Zübeydə xatun vaxtı uzatmaqdan usanmışdı. Başını Harunun çiyninə qoydu. Qızıl tozu səpilmiş gur saçları şəlalə kimi dağılıb ərinin çiyinlərinə töküldü, hər ikisinin ürəyi bərk döyündü. Xalının üstündən qalxıb nazbalışa tərəf getdilər. Harun ərəb gözəlinin ətirli nəfəsindən məst olmuşdu. Pəncərədən içəri axan səma şöləsi şamların işığına qarışıb Zübeydə xatunun çöhrəsini nurlandırır, xəlifənin pərisini daha cazibədar göstərirdi. Harun məftun halda qırmızı ipək yastığa dirsəklənib ehtirasla xanımına baxırdı. Zübeydə xatun yataqdan qalxdı, bədənnüma güzgünün qabağında sərv ağacı kimi dayandı. Xınalı, şümşad barmaqları ilə dağınıq saçlarını düzəltdi. Güzgüdə utancaq qızlar kimi şən bir təbəssümlə Haruna göz vurdu. Harun da bunu görüb təzədən bürküləndi.

Zübeydə xatun Təbrizdə bahar çiçəklərinə dönmüşdü, xəlifənin gözündə məlaikə mislində idi.

Altun sarayının bütün cariyələri Zübeydə xatuna tamaşa eləyib «bəh-bəh» deyər, onun bahalı bəzək-düzəyindən danışardı. Təbrizli dərzilər Zübeydə xatun üçün təzə paltarlar tikmişdi. Ərinin görüşünə getməzdən qabaq neçə məşattə xanımı zövqlə bəzəmişdi.

Xilafətdə ilk dəfə çaxçur[7 - Çaxçur – eramızın VIII – IX əsrlərində dini mərasimlərdə ipək çaxçur geymək adət idi. Zübeydə xatun bu paltarı da məclisdə geyməyi dəb salmışdı.] geyən də Zübeydə xatun idi. Ona yaraşırdı. Hətta o, hər dəfə Təbrizdən gələndə oğlu Əmin üçün hədiyyə gətirdiyi yüz qəşəng qıza da yaşıl ipəkdən çaxçur geyindirib saray bağına gəzintiyə aparardı.

Bu axşam Zübeydə xatunun Çin xarasından tikdirdiyi zümrüdü gilələsi,[8 - Gilələ – alt qadın paltarı.] qızılgül rənginə çalan çələbiyyəsi[9 - Çələbiyyə – ərəb qadınlarının gecələr geydiyi paltar.] onu təzə gəlinə oxşadırdı. Baş məlaikə cənub səmasını xatırladan saçlarının üstünə yaşıl cuqqu çəkmişdi. Başındakı tuğrası[10 - Tuğra – Abbasi nəslindən olan qadınlara və qızlara məxsus xüsusi daş-qaşla bəzədilmiş baş geyimi.] qiymətsiz idi. Tuğrada qızılquş nəqş olunmuşdu. Quşun qanadları və köksü brilyant və yaqutla bəzədilmişdi. Məlaikənin cıqqasındakı yaşıl alov rəngli zümrüd dənəsi ağappaq döşlərinin arasında gizlənən gözmuncuğundan da cazibəli idi. Şam işığında xanımın başmaqlarına düzülən irili-xırdalı almaz və zümrüd dənələri qığılcıma bənzəyirdi. «Ey axmaq, niyə diz çöküb bunun ayaqlarından öpmürsən?!» deyə xəlifə özünü məzəmmət elədi. Zübeydə xatun güzgü önündə sərv kimi silkələnirdi. Qulağındakı noxud boyda mirvariləri bərq vururdu. Biləyindəki nadir bilərziyin şəfəqi onun dərisinə necə də uyarlı idi. Harun bu bilərziyi nişanlı vaxtı Təbrizdən gətirmişdi. Zübeydə xatunun qönçə dodaqlarına təbəssüm qonmuşdu. Gülümsəyəndə yanağındakı balaca zənəxdanı sanki göz vururdu. Elə bil közərmiş yanaqlarına barmaq qoysan barmağı yandırardı.

Xəlifə Harunun baxışları güzgü önündə cilvələnən xanımın əndamını səyahətə çıxmışdı. Harun elə bil onu birinci dəfə idi görürdü. Sanki zifaf gecəsi idi.

«Fətəbərəküllah əhsənül xaliqin!»

Xəlifə çox sevdiyi bu kəlamı dodaqaltı pıçıldayıb ayağa qalxdı və şən halda məlaikəyə yaxınlaşdı. O, üsulluca, titrək barmaqları ilə xanımının təzəcə belinə bağladığı zümrüd qaşlı kəmərini açdı…

«Əfv edin məni, xanım! Nə buyruğunuz var, əməl olunacaq!» Xəlifəni məstedici qadın nəfəsi oxşadı.

Onların gözündə zər-xaralı ipək yorğan-döşək yenidən bəxtəvər oldu. Zübeydə xatun ürəyində dedi: «Əhsən sənə Ruhiyyə! Baş məşşatəlik sənə yaraşır. Məni elə bəzəyibsən ki! Əvəzi çatar». Məlaikənin zərlə nəqşlənmiş dırnaqları xəlifənin kürəyində közərirdi. Xəlifə xəyalən məşuqəsi Qərənfillə Zübeydə xatunun gözəlliyini müqayisə edirdi. Gah üstünlüyü məşuqəsinə, gah da xanımına verirdi. Hər halda onun yanında indi Zübeydə xatun idi. Xəlifəyə elə gəlirdi ki, günəş özü belə bu afətin gözəlliyinə həsəd aparır.

– Fətəbərəküllah əhsənül xaliqin! Ya rəbb, görəsən yer üzündə qadından gözəl məxluq varmı? Qadının sərvəti «qarət» olunarkən üzə çıxır, zinəti üzə çıxır. Gələcəyin hökmdarı qadının bətnində günəşə dönür… Gözəlim, söz verirəm, mənim taxt-tacımın sahibi sənin bətnində günəşə dönən Əmin olacaq. Odur mənim vəliəhdim! Doğru sözdür ki: «Qardaş qardaşın, ancaq süd payına şərik ola bilər. halbuki onların südü də ayrı olub.

Zübeydə xatun xoşbəxt idi, səadət duyğuları onu çulğamışdı. Dinmirdi, zərif burnunu hərdən Harunun qabarmış sinəsinə toxundururdu. Nəhayət o:

– Ey mənim taleyim – dedi – deyirlər: «Nə qədər qulun, o qədər qənimin!» Məni gözü götürməyən çoxdur. Onlar sənin bu ədalətli sözlərini eşitsələr paxıllıqdan partlayarlar.

Zübeydə xatun bilmirdi xəlifəyə necə dil-ağız eləsin, bir qadın kimi onun zövqünü necə oxşasın!.. Bu anda gözlənilmədən qapı tıqqıldadı. Nadir hadisə idi, xəlifə şaşqın halda qollarını Zübeydə xatundan çəkdi. Sakitlikdə Harunun ürək döyüntüləri eşidildi. Xəlifə ayağa qalxdı, məlaikə isə dikəlib yerin içində oturdu. Belə bir vaxtda xəlifəni narahat edən kim ola bilərdi?! Ölümündən qorxmurdumu həmin kəs?

Xəlifə hirsləndi:

– Bu fərraşlar harda qırılıblar görəsən?!

Qapıya tərəf getdi və qapı arxasından anasının səsini eşitdi:

– Namünasib vaxtda gəlmişəm, oğul! Qasid qırmızı lələkli məktub gətirib. Bədbəxtlik üz verib. Xəzərlər Dərbəndə hücum ediblər. Hökmün nədir?

Xəlifə qapının bəri üzündən dedi:

– Səbrin olsun, ana! Dünya dağılmaz. Gələrəm, məşvərət eləyərik.

Xəlifənin kefi pozulsa da Zübeydə xatunun ağuşuna qayıtdı. Xanım soruşdu:

– Nə hadisə baş verib?

– Xəzərlər Dərbəndə hücum ediblər.

Zübeydə xatun:

– Aaah! – dedi.

Xəlifə onu sakitləşdirdi:

– Qəm eləmə – dedi – mən hələ ölməmişəm ki, Dərbənd əldən gedə!..

Xəlifə uzanıb qolunu balışın altında çarpazlamışdı. Xanımı da yanında idi. Qızıl və gümüş məcməyilərdə ətirli meyvələr onları közləyirdi. Büllur sürahilərdə Kütrəbbul[11 - Kütrəbbul – bu şərab Bağdadın yaxınlığındakı Kütrəbbul kəndində hazırlanırdı.] şərabı qızarırdı. Üzərində aşiqanə şeirlər həkk edilmiş qızıl piyalələr meylə dolu idi. Xəlifə qalxıb ortasında heyvan və quş şəkli olan nəfis Şamaxı xalısının üstündə asta-asta gəzişir, xanımının təklifini gözləyirdi. Xalının kənarlarında Azərbaycan mənzərələri rəsm edilmişdi. Birdən bunlara baxıb Harun hirsləndi: «Lənətə gəlmiş atəşpərəstlər yenə dinc dayanmırlar! Bu kafirlər bilmirəm xilafətdən nə istəyirlər? Anam deyəndən sonra Əbu İmrana çaparla məktub göndərmişəm. Bəs o, Donbagöz nə üçün iğtişaşların qarşısını almır? Yəqin Şəhrək oğlu Cavidana gücü çatmır. Yox, Cavidanı asdırmasam mənə bu yataq otağında da dinclik olmayacaq!.. Hələ xəzərlər!» Xəlifə Harun narahatlığı özündən qovmağa çalışdı. Dolu qızıl qədəhi götürüb, xanımına yanaşdı:

– Yuxun gəlir?.. Mənim mələyim, gör bu piyalənin üstündə nə yazılıb? Əbu Nüvvasın kəlamlarıdır, oxu səsini eşidim.

Zübeydə xatun şeiri şirin ərəb ləhcəsi ilə oxudu:

İstəyirəm meyxoş olam,
İstəyirəm sərxoş olam.
İstəyirəm allah özü,
Mənə bəxşiş, ənam versin.
Əllərimdə daşan badə
Bir gözəlin dodağını
Bax beləcə əmən görsün.

– Mənim mələyim, şeir xoşuna gəldimi?

– Əlbət ki…

– Mənim mələyim, həyat nəşədir. Mən, həyatda nəşədən qiymətli bir sərvət tanımıram. Kefcil Cəmşidin[12 - Cəmşid – İranın Pişdadiyan sülaləsinin əfsanəvi şəxsiyyəti] icad etdiyi bu al şərabdan sənin şərəfinə beş ritl[13 - Bir ritl – dörd yüz qram] içsəm də «az oldu» deyərdim. Bir bax, bu da Kütrəbbul şərabı! Şair Əbu Nüvvas deyir ki, Kütrəbbul şərabı qədim yunan allahlarının çox sevdikləri Nektar və Falern şərablarından da gözəldir. Bundan sonra mən dilimə Muğan şərabı vurmaram! Onu qoy atəşpərəstlərin özləri içsinlər. Pəh-pəh… Kütrəbbül şərabının rənginə tamaşa qıl! Ətri bihuş edir adamı. Şairlər haqlıdır. Cəmşidin şərab qədəhinə «Cami-cəm» adı verməkdə. Bilmirəm Məhəmməd peyğəmbər nəyə görə müsəlmanları bu gözəl nemətdən məhrum eləyib? Əgər mən…

– Ya əmirəlmömin, nə danışırsan? – deyə Zübeydə xatun incik halda əlini məcməyilərdəki meyvələrin üstünə qoydu. – Sənin Məhəmməd peyğəmbərdə nə işin?! Yoxsa sən də mötəzililərlə[14 - Mötəzililər – IX əsrdə ruhanilər tərəfindən yazılan kitablar Quranın dediklərini təbliğ etməli idi. Bütün elm də Qurana əsaslanmalı idi. IX əsrin əvvəllərində islamın birliyi pozulur və islam dini parçalanıb beş qola ayrılır. Sünnilər, mötəzililər, murcilər, şiələr və xaricilər. Bu dini qollar arasında ciddi mübarizə gedirdi. Alimlərin hər biri Quranı öz bildiyi kimi məqsədinə uyğun surətdə təhlil edirdi. Dini rəvayətlər, əfsanələr mübahisəni genişləndirirdi. Rəvayətlərin əksəriyyəti bir-birinə zidd idi. Mötəzililər xüsusi fərqlənir və onlar Quranı müasir baxımdan təhlil edirdilər. Xəlifə Məmun dövründə mötəzililərin ideyası dövlət ideyası oldu. Lakin bu ideya axıra qədər davam gətirə bilmədi.] birləşib müqəddəs quranın ayələrini dəyişdirmək fikrinə düşmüsən? Onsuz da düşmənimiz əməvilər haqqımızda nalayiq şayiələr yayır. Bizim ölümümüzü istəyirlər… Hökmdarım, Qurandır səni qoruyan. Möhkəm tut ondan. Yadda saxla ki, baş vəzir Cəfər kimi qorxulu düşmənin var. Xürrəmiləri üstümüzə qızışdıran da bəlkə odur. Biz xürrəmilərlə hesab çəkməliyik, əməvilərlə yox!

– Mənim mələyim, indi mən ancaq sənin barəndə duşunürəm. Sən mənim gözümdə Süheyl[15 - Süheyl – Parlaq ulduz. Bu ulduz Şərq ədəbiyyatında gözəllik simvoludur] ulduzundan qəşəngsən. Sübh açılan kimi bu görüşümüz şərəfinə çoxlu qul azad edəcəyəm.

Zübeydə xatun bu iltifat, qədr-qiymət müqabilində başını Harunun köksünə endirdi. Bədənnüma güzgüdə iki kölgə qovuşdu və sonra bu kölgələr ayrıldılar. Elə bil badam ləpəsi iki bölündü.

…Artıq Bağdad səmasındakı ulduzlar yoxa çıxmışdı. Saray bağında quşlar cibbildəşirdi. Səhər günəşinin şəfəqləri pəncərənin yaşıl pərdələri arasından süzülüb Zübeydə xatunun pərişan saçlarına dolmuşdu. Xanım gül ətirli yatağında yuxuya getmişdi. Harunun qırmızı saqqalı köksündə alov dilimini xatırladırdı. Yatmış Harun hərdən yuxuda əl-qol atıb öz-özünə danışırdı: «Vəzir, bu nə qara xəbərdir?! Xəzərlər mənimmi «Azad şəhərim»ə – Dərbəndimə hücum ediblər?! Mən azğınlara öz gücümü göstərərəm! Necə?! Atəşgahlarda xürrəmilər yenə od yandırırlar?! Mən onların da o günəşini əbədi söndürərəm!»

Xəlifə gah yuxuda Dərbəndə basqın edən xəzərlərin, gah da üsyançı xürrəmilərin qollarını zəncirlədib «ölüm ağacları»ndan asdırırdı. Birdən necə oldusa xəlifənin qolu zərblə Zübeydə xatuna toxundu… Hər ikisi hövlnak yuxudan qalxdı: «Bismillah!» Xəlifənin sədaqətli Qarapişiyi yataq otağının qapısını kəsdirmişdi. Pişik sahibinin səsini eşidib hərdən miyoldayır, hərdən qapını cırmaqlayırdı.

Altun sarayında şeypurlar çalındı, təbillər vuruldu. Bu – əyanları namaza səslədi. Bağdad məscidlərindən boğuq azan səsləri eşidildi. İşrət dumanları Harunun başından çəkilib gedirdi, gecə ikən anasını eşidib tədbir görmədiyinə peşman oldu: «Necə yəni düşmən yenə üstümüzə qılınc çəkir?! Azğın xəzərlər hücum edib Dərbəndi tuturlar, hə?! Zübeydə xatunun cehizi Azərbaycanı qarət edib talayırlar, hə?! Onun adamlarını əsir alıb Xaqana aparırlar, hə?! Doğrudanmı?!»




III

«AZAD ŞƏHƏR»İN QARA SƏHƏRİ


Fəlakətə düşən adam qorxmaz, yalnız məchulluq qorxuludur.

    ANTUAN DE SENT-EKZUPERİ

Azərbaycanın şimal obalarında, kəndlərində çayların kükrəyən, daşların çiçəklə örtülən vaxtı idi. Çöllərdə torağaylar, alacəhrələr hey ötürdü. Zərli kəpənəklər bir-birini qovmaqda idi. Lakin baharın bu gül-çiçəkli çağında, elə bil, ulu Hörmüz Sərətan bürcünə əsir düşmüşdü. Dərbənddə, sanki sübh açılmağa qorxurdu. Yaralıların naləsi… Xilafətin «Azad şəhər»i Dərbəndi Harun belə görsəydi başına hava gələrdi. Bəlkə də o gecəki qızıl qədəhə Kütrəbbul şərabı yox, zəhər süzərdi. Xəzər türkləri qorxu-hürkü bilmirdilər. Onlar şəhərin gözəllik və mərdlik simvolu olan şir heykəllərini harda görsələr çilikləyib küçələrə tökürdülər. Göyün üzünü tüstü dumanı bürümüşdü. Neft və taxıl anbarlarından alov qalxırdı. Xaqan, vaxtilə Əməvi və Abbasi xəlifələrinin Dərbənddə tikdirdiyi möhtəşəm, müqəddəs «allah evləri»ni hörmətdən salmaq üçün heç nədən çəkinmirdi. Xaqan məscidləri qəsdən at tövləsinə döndərmişdi. Fələstin, Dəməşq, Xəzər məscidlərindən ayğır kişnərtisi eşidilirdi. Həmməs, Qeysəriyyə, Cəzair və Mosul məscidləri isə qarət malları ilə dolu idi. Xəzərlərin belə nadan hərəkətləri onlara qarşı nifrəti artırırdı.

Küçə və meydançaları, bazarları, limanları üfunət qoxusu bürüməkdə idi. Çoxları burda yurd salmasına peşman olmuşdu. Lakin artıq gec idi. Hər cür işgəncəyə, əzab-əziyyətə dözməkdən başqa əlac qalmamışdı. Şəhərin bütün dəmir darvazaları xəzərlərin əlinə keçmişdir. Əsir alınan şəhər əhalisi Babül mühacir,[16 - Carçı qapısı] Babül cəhad,[17 - Qırxlar qapısı] Babül xüms[18 - Yeni qapı] və Babül cəgir[19 - Türkmən qapısı] darvazalarının ağzına gətirilirdi. Əsir dəstələri yerə yatmış dumanı andırırdı. Babül məktub[20 - Bayat qapısı] və Babül Əlqəmə[21 - Narınqala qapısı] darvazalarının girəcəyində isə xəzərlər əsirləri siyahıya alırdılar.

Xəlifə Harunun Dərbənddə baş məlaikə Zübeydə xatunun adına saldırdığı xiyabanlarda qan su yerinə axırdı: Orda-burda «ölüm ağacları»ndan asılmış zirehli cəsədləri dənizdən əsən külək yellədirdi.

Cuma məscidi daha hüznlü görünürdü. Ondan bir az aşağıda tacirlərin naləsi limanı bürümüşdü. Xəzərlər tacirlərin qarət olunmuş mallarını gəmilərdən quruya daşıyır, öküz arabalarına və dəvələrə yükləyirdilər.

İsgəndər səddinin[22 - Bəzi tarixçilərin yazdığına görə Makedoniyalı İsgəndər bu səddi şimal tayfalarının hücumlarından qorunmaq üçün çəkdirmişdir. Bəzi tarixçilər isə bu səddin Sasani padşahı Ənuşirəvan tərəfindən tikdirildiyini iddia edirlər.] yanında cəsəd-cəsədə söykənmişdi. Gödək kürklərinin üstündən enli qayış bağlamış balacaboy xəzərlər xəz papaqlarını alıcı gözlərinin üstünə basıb əli qılınclı hara gəldi cumurdular. Hərdən xəzərlərin bağırtısı eşidilirdi:

– Ey qırxayaq, hara dırmanırsan?! Qaladan düş aşağı, işini bitirək!

– Qala nədi, lap göyün yeddi qatına çıxsanız da əlimizdən qurtara bilməyəcəksiniz!

– Ehey, hardasınız? Eşidin, bilin, bir də «Gil ayaqlı nəhəng»in ayağı bu yerlərə dəyməyəcək! Tabe olun Xaqana!

Mamırlı nəhəng daşları qurğuşunla bir-birinə lehimlənmiş, əzəmətli İsgəndər səddinin diş-diş divarları üstündə hələ də qara bayraqlar dalğalanırdı. Xəzərlər nə qədər cəhd göstərsələr də, bayraqları ordan götürə bilmirdilər. Səddin qaranlıq pillələrini və divarlarını kollar və yabanı otlar basmışdı. Xəlifə əsgərləri kolların, otların arasına sinib qalaya dırmaşan xəzərləri oxa tuturdular:

– Ey talançılar, bu müqəddəs qara bayraqlar toxunulmazdır!

Sərrast atılan oxlar öz işini görürdü. Xəzərlər qəzəblə vurnuxurdular.

– Vay bu oxu hardan atdılar?!

– Dayan, payını alarsan!..

…Neçə gün idi Dərbənd çalxanırdı. Əlləri məşəlli bir dəstə Xəzər süvarisi sübhün ala-qaranlığında İsgəndər səddinin divarları yanında dolaşırdı. Onlar məşəlin işığında meyitləri görən kimi ölü yığanların üstünə acıqlanırdılar:

– Gözünüz kordur?! Baxın, burda nə qədər cəsəd qalıb, aparın!

– Tənbəllər, tez olun görək, gün çıxandan sonra bura meyit iyindən yaxın düşmək olmayacaqdır!

Ağız-burunlarını dəsmalla bağlamış ölü yığanlar divarın dibində irigövdəli bir meyit gördülər.

– Bu nə zorbadır, bunun da meyitini aparıb yandıraq?[23 - O dövrdəki xəzərlərə görə guya cəhənnəm yerin altındadır. Kim yerə basdırılsa, o cəhənnəmə gedir. Odur ki, xəzərlərdə meyiti yandırmaq adət idi.]

Süvarilərin başçısı özündən çıxdı.

– Axmaq, müsəlman meyitini yandırsan ruhu cənnətə gedər! Bas onu xəndəyə, üstünü torpaqla!

Ölü yığanlar yorulub əldən düşmüşdülər. Köməkləşib, ağır zirehli cəsədləri güclə yerdən qaldırırdılar.

Xəzərlər müsəlman cəsədlərini basdırır, türk cəsədlərini isə yarmaça kimi götürüb bir-birinin üstünə atır, od vururdular.

Yanan meyitlərin iyi aləmə yayılırdı. Süvarilər dəsmallarını burunlarına basıb, atlarını mahmızlayırdılar.

Dərbənddə qara səhərlər açılırdı. Cəsəd tığından qalxan tüstü İsgəndər səddini basır və bu tüstü sütunlarını yarıb qalxan alovu külək vurub şiddətləndirirdi. Alovun çırpınan dilləri səddin yuxarı daşlarına toxunurdu.

Ölü yığanlar hələ nəfəsləri kəsilməmiş xəlifə əsgərlərini atlarının, qatırlarının quyruğuna bağlayıb dərin xəndəklərə tərəf sürüyürdülər… Yaralı mücahidlər son nəfəslərinə qədər təslim olmur, bağıra-bağıra xəzərləri qucaqlayıb özləri ilə xəndəyə salırdılar.

Xəlifə əsgərləri ox atmaqda mahir idilər, xəzərlər ziyan çəkirdi. Qala mazqallarından tez-tez ox vıyıltısı eşidilirdi. Keşikçilər xəzərləri söyürdülər:

– Soyğunçular! And olsun allaha, Xəlifə Harun bu qisası sizdə qoymayacaq!

– Azğınlar, biz xəlifə yolunda ölərik, amma təslim olmarıq!

Xəzərlər quduzlaşıb daha da amansız olurdular. Ancaq xəlifə keşikçilərinin xəndəkdə iniltisini eşidəndə qəzəbləri bir balaca soyuyurdu: «gəbərin orda, sizin axirət dünyanız ordadır».

Isgəndər səddi qanlı vuruşmaları çox görmüşdür. Ancaq belə müsibətə birinci dəfə idi ki, düçar olurdu. Səddin divarları oxdan dəlik-deşik idi.

Rübas və İnci çaylarında hey meyit axırdı. Xəlifə Harunun Rübas çayı üstündə tikdirdiyi dəyirman xaraba qalmışdı. Dalğa vurduqca dəyirmanın dəhnəsində cəsədlər ölü balıqlar kimi bir-birinə dəyib fırlanırdı. Şəhər kənarındakı Məsruf hovuzu da, Qübbəli hovuz da insan cəsədləri ilə dolmuşdu.

Dərbəndin bütün dəmir darvazaları ağzında silahlı xəzərlər keşik çəkirdilər. Xaqandan icazəsiz heç kəs şəhərdən çıxa bilməzdi və heç kəs şəhərə girə bilməzdi. Vaxtilə xəlifələr xaqanın ağ paltarlı, ağ atlı qasidlərinin gözünü bağlamamış bu darvazalardan içəri buraxmazdılar. «Qoy keçidləri görməsinlər» deyərdilər. Çarx dönəndə dönür.

Kəmərlərindən gildən qayrılmış mürəkkəbqabı asılan bir neçə mirzə qarət mallarını tələm-tələsik siyahıya alır, əsirlərin kim olduğunu öyrənib dəftərlərə yazırdı. Şişib köpmüş üzü xəz kürkün içində əcaib divə oxşayan çopur bir mirzə, qolları zəncirlənmiş əsiri sorğu-suala tutmuşdu:

– Adın nədir?

– Şibl.

– Hardansan?

– Bilalabaddan…

– Məşğuliyyətin?

– Tacirəm.

– Nə qədər malını almışıq?

– Bir karvan kağızım qarət olunub.

Çopur mirzə «kağız» sözünü eşidəndə sevincək oldu. Qurğuşun lövhəni tələsik Şiblin boynundan asdı. Tacir udqundu və acı-acı mirzənin gülüşlə səyriyən çopur sifətinə baxdı. Mirzənin burnunun üstündəki bir cüt tük nizə kimi dik dayandı. Nicat yolu tapmaq lazım idi. Şiblin arıq sifətini örtmüş seyrək saqqalında tüklər titrəşirdi. Şişman mirzə onun saqqalından tutub dartdı:

– Sənin nömrən min beş yüz oldu. Yadında saxla! Min beş yüz! Özün də keç bu tərəfə.

– Keç deyirsən keçərik. – Şibl qanlı-qanlı mirzəni süzdü:

– Ey, yekəqarın, bura gəl!

– Gəlim də.

– Bəs sənin adın?

– Salman!

– Sən Dərbənddə nə ilə məşğul idin?

– Mən ilxı sahibiyəm. At bazarından cins ayğır almağa gəlmişdim. Dərbəndli deyiləm.

– Ayğır, ayğır. Ha… ha…ha!.. Əsil ayğır Xəlifə Harun ər-Rəşiddi!.. Yaxşı ayğır aldın. Hardansan?

– Mimət nahiyəsindən…Bilalabaddan.

– Sənin də nömrən oldu min beş yüz bir. Al bu qurğuşun lövhəni, as boynundan, qorxma, qopub düşməz. Keç sən də bu tərəfə.

– Ey, şeşəbığ cəngavər, gəl bura! Sən kimsən!

Abdulla[24 - Bəzi ərəb tarixçiləri Babəkin atasının adını Abdulla, bəziləri isə Mərdəs yazıblar. Babəkin qardaşının da adı Abdulla olub.] bərkdən hirsli-hirsli cavab verdi:

– Mən?.. Yağ satan!

– Niyə bağırırsan, burda kar yoxdur ki!

– Danışığım belədi. Dedim ki dilini şirin elə!

Şişman mirzənin hirsindən çopurları balacalaşdı, kirpikləri tez-tez çaldı, dodaqları göyərdi. O, lələkli qələmini qurşağından asdığı mürəkkəbqabına döyəcləyib, Abdullanı hədələdi:

– Dikbaş!.. Soğan kimi göz yaşardırsan. Qul bazarında da belə nərildəsən sənə bir dirhəm də verən olmayacaq. Qandın? Nömrəni yadında saxla: min beş yüz iki. Keç belə.

Şişman Mirzənin hədəsini Abdulla qulaqardına vurdu. Onun fikri Bilalabadda, istəkli xanımı Bəruməndin yanında qalmışdı: «Gələndə mənə alça gətir… Ay yazıq, mən olmayandan sonra o tifili kim saxlayacaq?»

Əsirlər qaşqabaqlı, qəmgin, düşüncəli halda başlarını aşağı salmışdılar. Hərə öz taleyini düşünürdü. Varlı-hallı tacirlər Dərbəndə gəlmələrinə peşman olmuşdular: «Həm canımız getdi, həm malımız! Belə də müsibət olar?!» Tacirlər ürəklərində Xəlifə Harunun qarasına deyinirdilər. «Başı kefdən ayılmır. Xilafəti Xaqan çapıb, talayır. Gəl gör Dərbənddə xəzərlər nə pəsdaha çıxarırlar?!»

Xəzərlər Carçı qapısı ağzında siyahıya alınmış əsirləri yola salırdılar. Şibl və Salman ümidsiz nəzərlərlə baxışdılar, Təkcə Abdullanın şaxı sınmamışdı. Atlı xəzərlər uzun qamçılarını vıyıldadıb qolları qandallı əsirləri dəhmərləyə-dəhmərləyə qabaqlarına qatdılar. Ağlayan kim, haray qoparan kim, kədər içində susan kim. Əsir dəstələri Dərbənddən uzaqlaşır, tüstü basmış İsgəndər səddi arxada qalırdı. Əsirlər indi allaha asi düşürdülər:

– Görüm onun dərgahı dağılsın!

– Bəs o harda gizlənib?!

– Niyə bizim dadımıza çatmır?!

Əsir dəstələri bölük-bölük Şimala tərəf qovulurdu. Yaraqlı xəzər süvariləri cərgədən çıxanları, geri qalanları qırmanclayırdılar. Günəş qüruba enir, aləmi kölgə basırdı. Ac-yalavac, çılın-çılpaq, qandallı əsirlər yolların toz-torpağında itib-batmışdılar. Uzaqlarda başı qarlı dağlar görünürdü. Taqətdən düşmüş analar körpələrini sinələrinə sıxıb bir azca yol kənarında dincəlmək istəyirdilər,[25 - Xəzərlər əsir alınmış qadınların qoluna qandal vurmurdular. Qadını qolu qandallı aparmağı özlərinə ar bilirdilər.] lakin xəzərlər dərhal qılınca əl atırdılar. Bəzən də uşaqları analardan alıb hara gəldi tullayırdılar:

– Axmaqlar, neyləyirsiniz bu qarğa zılğalarını özünüzə yük eləyib?!

Əsir anaların ah-naləsi ərşə dayanmışdı. Deyirdilər: «Yer yarılaydı, yerdən bir igid çıxıb bizə nicat verəydi!»

Uzaqlardan şığıyıb gələn yırtıcı quzğunlar da bir yandan göz açmağa macal vermirdi. Quzğunlar palaz qanadlarını geniş açıb əsirlərin başı üzərində hərlənir, birdən oxa çevrilib yerə millənir, bir göz qırpımında xəndəklərdə çabalayan körpələri caynaqlarına alırdılar. Bəzi körpələrin fəryadı quzğunların caynağından gəlirdi. Analar şivən qoparır, üz-gözlərini cırır, başlarına, dizlərinə döyür, əllərini göyə qaldırıb hey allaha yalvarırdılar:

– Yaradan, kömək elə, bu nə bəladır başımıza gəlir?!

– Ey tanrı, körpəmi quzğun üçünmü bəsləmişdim?!

– Allah, hanı kərəmin? – Aman, aman!.. Səsindən tanıdım, o quzğun aparan mənim tifilimdir!

Yollarda çoxlu ana meyiti qalmışdı. Əl-ayağı yer tutan uşaqlar yıxıla-dura ölülərin arasında öz analarını axtarırdılar. Bəzi körpələr analarının qanlı döşləri üstündə uyuyurdu. Abdullanı da, Şibli də, Salmanı da dəhşət bürümüşdü. Onlar elə bil qorxulu yuxu görürdülər.

Şibl dedi:

– Bu xəzərlər talançıdırlar!

Salman dedi:

– Bunlar vəhşidirlər!

Abdulla dedi:

– Xeyr, Xəlifə Harunun mücahidlərini görməmisiniz?

Onların vəhşiliyindən olmaz!

Şibl dedi:

– İkisinə də lənət!!!

…Şiblin biləyində nə isə «xırt» elədi. Şiblin qolları qandaldan azad olub yanına düşdü. Rəngi açıldı, kişinin alnına sevincindən isti tər gəldi. Qandalı pas kəsmişdi, zəncir pas kəsən yerdən üzülüb düşmüşdü.

Şibl:

– Mənim qandalım cürükmüş – dedi – nicat yolu var…

Şibl gizlincə Abdullanın, Abdulla isə gizlincə Salmanın qolunu açdı.

Xəzər süvarisi cərgənin kənarı ilə atını yorta-yorta gah irəli, gah da geri sürür, əsirləri qırmanclayırdı:

– Haydı, irəli!

Birdən Abdulla sıçrayıb həmin süvarinin tərkinə qondu, cəld onun qılıncını alıb düşmənin kürəyinə sapladı. Süvaridən vəhşi bağırtı qopdu:

– A-a-a-h!

Abdulla onu yerə itələyib özü yəhərə qondu. O biri süvarilər çaşıb qaldılar, Abdulla qılıncı başı üzərinə qaldırıb gur səslə qışqırdı:

– Qardaşlar, bacılar, qul bazarına çəkilmək ölümə bərabərdir! Bir qaşıq qanınızdan qorxmayın! Vurun bu quldurları!

Əsirlər birdən güclü axına çevrilib xəzərlərin üstünə töküldülər. Atlı xəzərlər qolu qandallı, yorğun əsirlərdən heç də belə qəfil hücumu gözləmirdilər. Axşamçağı yolda ağlagəlməz vuruş başlandı!.. Qadınlar dişləri, dırnaqları ilə xəzərlərin üz-gözünü didib parçalayır, kişilər bir-birinin qolunu açır, qandallarla onları əzişdirirdilər.

– Vurun!

– Vurun!

– Vurun!

– Bax, belə gəbərərsiz!

Xəzərlər özlərini itirmişdilər. Əsirlər çox, onlar isə az idi. Əsirlər boyunlarından qurğuşun lövhələri açıb atırdı. Hərə bir tərəfə üz tuturdu. Yollarda ancaq ağır yaralananlar və ölənlər qalırdı. Şibl də, Salman da artıq at belində idilər. Öldürülmüş iki süvarinin atlarını ələ keçirmişdilər. Abdulla əl atıb onların boynundan nömrələrini bir-bir qopardı və atın cilovunu dəstələdi:

– Ardımca çapın, Bərumənddən nigaranam!

…Dərbənddən Bərdəyə gedən yollarda toz sütunları göyə dirənmişdi. Bərdə Dərbənd arasında Xəzər qoşunları qaynaşırdı. Barlı-bəhərli Şirvan torpağı atların dırnağında didilirdi. Mil də, Muğan da qorxu altında idi. Çanaqqalada xəlifə qoşunlarının məğlubiyyətindən sonra xəzərlər kükrəmişdi. Onlar qarşılarına çıxanı parçalayır, şəhər və kəndləri talan eləyib yandırırdılar. Əsir alınmış adamlar qandallanıb xaqanın hüzuruna göndərilirdi.

Bərdədə qarışıqlıq idi. Azərbaycan valisi Yezid ibn Məzyəd işgəncə ilə öldürülmüşdü. Bu xəbər artıq Bağdada gedib çatmışdı. Altun sarayının şairləri Xəlifə Harunun yaxın dostu Yezidin ölümünə mərsiyələr yazırdılar.

Azərbaycan başsız qalmışdı. Xaqan Yezidin ölümündən xəbər tutandan sonra öz bildiyini edirdi.

Hayzurana xatun gizlində oğlu Harunu məzəmmət etmişdi: «O gecə işrətə başın qarışdı, gətirdiyim qara xəbərə məhəl qoymadın. Bir anın da hökmü var!»

Eyş-işrətdən hələ başı ayılmamış Xəlifə Harun məzəmmət olunduqdan sonra anası Hayzurana xatunla və baş vəziri Cəfərlə neçə gün idi ki, məşvərət edirdi. Onlar azğın, talançı xəzərlərin qabağını almaq, onlara ömürlük dərs vermək məqsədilə ən güclü və sınanmış ordularını şimala göndərdilər.

Harun, hətta lazım gəldikcə bizansları hədələmək məqsədilə Şahi, Sənəm və Ərdəbil qalalarında ehtiyatda saxladığı nizami piyada və süvari qoşunlarının da xaqanın qabağına göndərilməsinə fərman vermişdi. Xəlifənin qanına yerikləyən bizanslar artıq xəzərlərin iti hücumundan xəbər tutmuşdular. Odur ki, arabir Bizans sərhədlərində onların xəlifə qoşunları ilə toqquşmaları olurdu. Xəlifə qoşunları qəzəbli idi. Sərkərdələr bilmirdilər xəzərlərin heyfini kimdən çıxsınlar. Onlar Şimala gedərkən Dombagöz Əbu İmranın fitvası ilə Bəzzin ətraf kəndlərində üsyançı xürrəmilərə divan tuturdular.

Bilalabad atəşgahında çoxlu əsir qadın var idi. Qadınlar qara günlərini sayırdılar. Abdullanın gözəl-göyçək sevimlisi Bərumənd də Atəşgahda idi: «Mənim vəfalı ərim, Dərbənddə çox qalma, ha! Gələndə mənə turş alça gətir. Oğlum olsa adını sən qoyarsan, qızım olsa adını özüm qoyacağam!».

Bilalabada tələsən Abdullanın qulağı cingildəyirdi…




IV

ATƏŞ OĞLU


O toxum ki göyərəcək, o daşı da dəlib çıxar.


Bədbəxtlik bəzən xoşbəxtlərin də qapısını döyür. Bilalabad kəndinin qadınları, sanki anadan elə bu cür, qaşqabaqlı doğulmuşdular. Elə bil, bu kənddə heç kəsin ömrü boyu bircə dəfə üzü gülməmişdi. Elə bil, kəndin od-alovunu şər allahı Əhriman[26 - Əhrimən, atəşpərəstlərin müqəddəs kitabı Avestaya görə, şər allahıdır və həmişə xeyir allahı Hörmüzü təqib edir. Əhrimənin Zairishaq adlı köməkçisi Hörmüzün Xordad adlı köməkçisi ilə qarşı-qarşıya durur. Atəşpərəst dininə görə canavar, qaranlıq, tufan, qara bulud həmişə Əhrimən tərəfində olub, insanlara fəlakət və aclıq gətirir. Xeyir allahı Hörmüz isə daima bu şər qüvvələrlə mübarizə aparır.] oğurlayıb qeyb olmuşdu; ulu Hörmüz Əhrimanı axtarır, tapa bilmirdi.

Bilalabadın təbiəti də yaslı idi. Narlı dərənin, Qanlı düzün baharı bahara bənzəmirdi. Hər yanda bir hüzn, bir küskünlük duyulurdu. Göylərin nəriltisindən, hayqırtısından aləm uçunurdu. Elə bil, Cavanşir[27 - Cavanşir Mehranilər sülaləsindən olub Azərbaycanın şimal-şərqində yerləşən Girdman hökmdarı Varazın oğlu idi. Atasından sonra Cavanşir hakimiyyət başına keçmiş və o, VII əsrdə İran ordusu ilə birlikdə iyirmi min qoşunla Dəclə-Fərat ətrafında ərəb qoşunu ilə vuruşmuşdur. Cavanşir ağır yara alsa da döyüş meydanından çəkilməmiş və böyük şücaət göstərmişdir. Xəzərlər də Cavanşirin qorxusundan Azərbaycana ayaq basa bilmirdi. Cavanşir xaqanı hədələyib demişdi: «Rədd ol get, bu yerlərə bir də ayağını basma!»] də buludlara qalxmış, öz nəhəng çəkicini hey nəhəng zindana döyəcləyirdi. Zindandan qopan qığılcımlar buludlara dolub onları dağıtmaq istəyirdi.

Quldurbaşı Əbu İmran Bəzzin ətraf kəndlərində igid qoymamışdı. O, acıqca Miməd nahiyəsinə məxsus kəndləri də xarabaya çevirmişdi.

Bilalabadı görənlər gözlərini tutardı. Dombagöz Əbu İmran Bilalabadda çoxlarını «ölüm ağaclarından» asdırmış, sahibsiz arvad-uşaqları isə gətirib Atəşgaha doldurmuşdu. Bu da bir növ göz dağı idi.

Neçə yuxusuz, yorğun və iztirablı göz Atəşgahın qapısında qalmışdı. Hamı xilaskar gözləyirdi. Lakin hələ Abdulladan da xəbər yox idi. Hərdən boş qalmış xoruz qəfəslərinin yanında gəzişən zınqırovlu, yaylı-oxlu xəlifə keşikçilərinin boğunuq və xırıltılı səsləri gəlirdi. Zahirən özlərini məğrur göstərən analar artıq iztiraba tab gətirə bilmirdilər, bircə Bərumənd özünü sındırmırdı. O, əliuşaqlı analara ürək-dirək verirdi.

– Mənim bacılarım, düşmən bizi bura xürrəmilərə acıq vermək üçün doldurub. Yaman günün ömrü az olar. Şirvin peyğəmbərin ruhu haqqı mənim Abdullam harda olsa gəlib çıxacaq. O, heç vaxt bizi darda qoymaz. Dərbənd budur, qulağımızın dibindən. Əl uzatsan çatar.

Analar Bəruməndin sözlərindən bir balaca toxtayırdılar, az sonra dərd, kədər yenə özünü göstərirdi. Aclığa, fəlakətə, əzaba nə qədər dözmək olardı? Göz yaşları da tükənirdi. Qadınlardan çoxunun saçı bura düşəndən bəri ağarmışdı. Baharda da qar yağarmış!..

Bilalabadın əli silah tutanları dağlarda bölük-bölük olub vuruşurdu. Atəşgahı xəlifə əsgərləri möhkəm qoruyurdu, ora yaxınlaşmaq çətin idi.

Atəşgahın qaramıx kolları basmış mamırlı daş hasarının dibində əli qılınclı keşikçilər gəzinirdi. Onlar hər an qan tökməyə hazır idilər.

Gecə də, gündüz də od yanan mərasimli Atəşgah indi qədim Misir fironlarının sərdabalarından da cansıxıcı görünürdü. Adi günlərdə Atəşgahın həyətindəki iri qəfəslərdə quqquldaşan, müqəddəs ağ xoruzlar da gözə dəymirdi. Darvaza ağzında zəhmli pəncələrini irəli uzadıb «pusquda duran» daş şirdə əzəmət qalmamışdı. Xəlifə keşikçiləri bu daş şirin başını üzmüşdülər. Nədənsə, atəşpərəstlərin Atəşgah qapısı üzərində həkk etdirdikləri yazıya toxunan olmamışdı: «İnsan dünyaya xeyirxahlıq üçün gəlmişdir, o hər yerdə, hər an insanlara xoşbəxtlik bəxş etməlidir».

Bu, qədim Atəşgah idi. Deyildiyinə görə, müqəddəs ocağı atəşpərəst kahinlər Cavanşirin vaxtında tikdirmişdilər. Dövrəsində səkkiz guşəli hücrələr olan Atəşgahın tən ortasında geniş bir ibadətgah vardı. Kahinlər mərasim günləri bu ibadətgahda ulu Hörmüzə dua oxuyurdular. Atəşbodlar[28 - Atəşbod – atəşgahda od yandıran xidmətçi] adamboyu çıraqdanda səndəl və ud yandırardılar. Otağı xoş qoxu bürüyərdi. Mərasim vaxtı iki kahin çıraqdanın sağında, solunda dayanıb Zərdüşt dinini tərif edirdi.

Kahinlər müqəddəs hum içərdilər. Bu məstedici içkidən sonra şən oyunlar başlanardı. Atəşgah atəşpərəstlərin həm ibadətgahı, həm də bir növ, şənlik yerləri idi. Mərasimqabağı Atəşgahdakı sal daşlı otaqda ləzzətli yeməklər bişirilərdi.

Bərumənd bütün bunları, sanki haçansa yuxuda görmüşdü. Əlacsız qalan analardan kimi ulu Hörmüzü köməyə çağırır, kimi Şirvin peyğəmbərin ətəyindən yapışır, kimi isə Əbu Müslümün, ruhuna sığınırdı. Anaların duasını, yalvarışını və naləsini Atəşgahda özlərindən başqa heç kəs eşitmirdi. Yaxşı ki, qadınlar çıraqdanı sönməyə qoymurdular. Quru səndəl kösövləri alışıb qaranlığı qovurdu.

Anaların gözünə yuxu getmirdi. «Oddan döşəyi, ilandan yastığı olan adamın yuxusu gəlməz» deyiblər. Körpələr hərdən diksinib yuxudan oyanır, çığır-bağır salırdılar.

Bəruməndin girdə, sarışın sifəti tamam solmuşdu. O, fikirli halda qızılı saçlarının ucuna bağladığı gümüş bəzəkləri oynada-oynada, öz-özünə danışırdı: «Oğlum olsa adını mən qoyaram, qızım olsa… Bəs harda qalmısan, gəl çıx da. Oğlum olub!» Körpə, Bəruməndin qucağında mışıldayırdı. Birdən yuxuda çığırdı. Bərumənd fikirdən ayılıb oğlunu döşünə saldı və onun bələyini imsilədi.

Bərumənd xoş xəyallara qapılmışdı. Ona elə gəlirdi ki, qucağına sıxdığı bu körpə bir xalqın igid tərlanı olacaq. Bəlkə də Abdulla deyərdi: «Mənim Bəruməndim, mənə elə bir oğlan doğarsan ki, qılıncı qınında yatmasın. Elə bir oğlan doğarsan ki, müqəddəs Atəşgahlarımızın odunu söndürən xəlifələrdən intiqam ala bilsin!»

Günəş Həməl bürcündən çıxmışdısa da Atəşgah hələ soyuq idi. Xüsusilə küləkli gecələrdə ocaq yandırılmalı idi. Lakin odun azlıq eləyirdi, hərə körpəsini öz nəfəsi ilə qızdırırdı. Bərumənd sükutu sevmirdi, o:

– Mənim bacılarım – dedi – kimin uşağının başının altında bıçaq yoxdur, bıçaq qoysun.

– Hardan alaq bıçağı?

– Bunu fikrinizdə eləyin.

– Elədik! Bəs sən nə qoyursan körpənin başı altına?

– Qayçı! Hələ körpənin zınqırovu da var. Hal anası daha bizə yaxın düşə bilməz.

Bərumənd özünü qəsdən nikbin göstərirdi. O, sinəsindəki düyünçədə Atəşgaha bir az üzərrik gətirmişdi, indi bunu körpəsinin başı altına qoymuşdu. Üzərrikdən götürüb yandırdı. Qarasını barmağına sürtüb oğlunun alnına basdı. Analar bir ağızdan oxudular:

Üzərrik, haşa üzərrik,
Gülləri qoşa üzərrik,
Kim balama göz vursa
Dönsün daşa, üzərrik!..

Artıq səhər küləyi əsməkdə idi. Hasarın yanında gəzişən keşikçilər ayaq üstə güclə dururdular. Kimsə əsnəyə-əsnəyə dedi:

– Of! Səhərə yaxın necə yatardım!.. Yuxum gözümdən tökülür.

Keşikçilər birdən döyükdilər, anaların mahnısı qalın divarları yarıb yayılırdı. «Nə səs-küydür görəsən? Keşikçilərdən biri gözünü ova-ova cəld qulağını Atəşgahın qapısına söykədi. «Belə də millət olar?! Zindanda da oxuyurlar!

Anaların mahnısı bitdi. Yenə söhbətə keçdilər. Bərumənd:

– Mənim bacılarım – dedi – bədnəzərin gözünə bıçaq. Əlimizdə gül kimi uşaqlarımız var. Onların bələyinə göz yaşı yağdırmaq nəyə lazım? Özünüzü toxtaq tutun, düşmən görüb kor olsun. Bikef olsaq Əhriman sevinər! Bizim xürrəmilər dədə-babadan məğlubiyyət vaxtı qəsdən özlərini şən aparıblar. Bunu ki bilirsiniz.

Bərumənd körpəsini dizinin üstündəki qırmızı döşəkcədə yatızdırmışdı. Onunla yanbayan Müaviyə adlı bir uşaq da uyuyurdu. Anasını Dombagöz Əbu İmran atlara ayaqlatmışdı. Atası isə Cavidana[29 - Cavidan – Məşhur Bəzz qalasının sahibi olub. Xürrəmilər 807 – 816-cı illərdə Cavidanın başçılığı ilə xəlifə əleyhinə üsyan qaldırmışdılar. Babək hələ yeniyetmə ikən bu üsyanda iştirak etmişdi. Babəkin bir cəngavər kimi yetişməsində Cavidanın rolu xüsusilə böyükdür. 816-cı ildə Cavidan qətlə yetiriləndən sonra Babək xürrəmilərin sərkərdəsi olur.] kömək edərkən döyüşdə həlak olmuşdu. Bərumənd həmin sahibsiz körpəni götürüb özü ilə bura gətirmişdi, indi ona da süd verirdi: «Oğlum, sən oldun balamın süd qardaşı. Əliniz qılınc tutanda bir-birinizə dayaq durun». Müaviyə yuxuda hərdən qımışırdı. Dünyadan nə xəbəri. Bilmirdi ki, anasının cəsədi torpaqlara qarışıb. Bilmirdi ki, Bilalabadın yandırılmış evlərindən hələ də tüstü qalxır. Bilmirdi ki, Atəşgahın dövrəsində düşmən qılıncları parıldaşır.

Keşikçilər söhbət edirdilər:

– Bunlar nə təhər adamlardır? Aclıqdan, susuzluqdan ölürlər, ancaq oxuyurlar.

– Bəs nə bilmişdin atəşpərəstləri? Onlar meyiti də dəfn etmirlər. Hər kəndin, hər şəhərin özünün «sükut evləri var. Onlarda adət-ənənə başqadı, bizdə başqa. Meyitləri burada sal daşların üstünə qoyurlar. Qurd-quş, yırtıcı heyvanlar meyiti yeyir. Zərdüşt[30 - Tarixçilər Zərdüştü atəşpərəstliyin banisi kimi qələmə verirlər. Zərdüşt dininin etiqadları hələ bizim eradan əvvəl – VII əsrdə Midiyada yazılmış müqəddəs Avestada geniş şərh olunmuşdur. Deyildiyinə görə Avesta on iki min inək dərisində yazılıb. Zərdüşt dinində baş kahin – baş allah Günəş və xeyir allahı Hörmüzdür. Xürrəmilər dini məsələlərdə Zərdüştə arxalanırdılar. Zərdüşt dininə görə kainatda vahid allah yoxdur, dünya daimidir, ruh heç vaxt ölmür.] dininə görə torpaq müqəddəsdir, onu meyitlə murdarlamaq olmaz. Atəşpərəstlər bir müddət keçəndən sonra meyitin sür-sümüyünü taxtadan, gildən qayrılmış asudan adlanan tabuta yığıb, əkindən, sudan uzaq yerlərdə dəfn edirlər… Atəşpərəstlər sükut evində də şərab içirlər.

Haradasa isa-musa quşu oxuyurdu: «Tapdın? «Tapmadım! İlbizlər sakitliyi pozurdu. Göydə ulduzlar azalmışdı. Qara buludlar karvan-karvan Bəzzə tərəf axırdı. Aman evi tərəfdən xışıltı gəldi. Keşikçilər cəld qılınclarını siyirib xoruz qəfəslərinin böyrünə sindilər:

– Sss!.. Deyəsən gəlirlər!..

– Hazır olun!

– Qoyun gəlsinlər!

Keşikçilərin ikisi darvazanın ağzına süründü. Hənirti güclənirdi. Ancaq ala-qaranlıqda heç nə görmək olmurdu. Birdən üç əli qılınclı, üzü niqablı igid, keşikçilərin üstünü aldı:

– Ölməyə gəlmişəm, qayıdıb qaçmağa yox! Təslim olun!

– Yarağınızı atın yerə, yoxsa…

Xəlifə keşikçilərinin tükləri ürpəşdi: «Ölümümüz çatıb!»

Qılınclar cingildədi. Atəşgahın həyətində bağırtı qopdu. Əsir qadınların hamısı ayaq üstə idi. Başa düşdülər ki, onları xilas etməyə gələn var. Körpələr yuxudan oyanmışdı. Bərumənd qadınlara qapını göstərdi:

– Sındıraq!

Qadınlar sinələrini qapıya dayadılar:

– Bir, iki, üç! Hə, bacılar, güc verin!..

Şaarak!.. Qapı qopdu. Qadınların hərəsi əlinə bir kösöv aldı. Həyətə axışdılar. Abdulla iki keşikçi ilə vuruşurdu. İkisini də doğradı. Sonra Şibllə Salmanı divara qısnayan üç keşikçinin üstünə atıldı…

Qadınlar kösövləri keşikçilərin başına-gözünə çırpırdılar. Ara qarışmışdı. Gözlənilməz bir vuruş gedirdi. Abdulla üç keşikçini də şaqqaladı. Xürrəmi qadınlar və kişilər od kimi döyüşürdülər! Qabaqlarına çıxanı o dünyalıq eləyirdilər. Keşikçilərdən ikisi qalmışdı. Onlar qaçmağa üz qoydular. Biri qaçarkən özünü saxlaya bilmədi, iri bir daşa toxunub tir-tap düşdü.

Bir azdan hava işıqlandı, göy nurlandı. Abdulla, Şibl və Salman Atəşgah həyətindəki qanlı daşların üstündə oturub nəfəslərini dərirdilər. Çiyinləri qalxıb-enirdi, qadınlar həyəcanla onlara baxırdılar.

Günəş Bəzzin və Həştadsərin zirvəsindəki qar tarını parıldadırdı. Bu vaxt Abdullayla Bərumənd Atəşgahdan çıxıb evlərinə tərəf gedirdilər. Hərəsinin qucağında bir körpə var idi. Elə şad idilər ki, baxan deyərdi bunlar Atəşgahdan müqəddəs od aparırlar… Körpələr onların gözlərində günəşə dönür, bütün qaranlıqları işıqlandırırdı.




V

SARAY ÇƏKİŞMƏLƏRİ


Əjdaha kahasında yaşamaq saraylarda yaşamaqdan asandır.


Altun sarayında ərəb əyanları ilə fars əyanları arasında çoxdan başlanmış gizli çəkişmələr artıq özünü açıq-aydın büruzə verirdi. Gündə sarayda almaz tozu ilə neçə əyan özünü zəhərləyirdi. Altun sarayında ağlagəlməz cəzalar mövcud idi. Ən ağır cəzaya xəlifənin intim hisslərini açan saray əyanları düçar olurdular. Müqəssirin başı qırxılandan sonra onun kəlləsinə Mesopotamiya böcəyi düzərdilər. Zəli təbiətli həmin böcəklər kəlləni deşib beyini yeyərdi. Beyin hərislərinin dövranı idi. Gündə xəlifənin cəlladı Məsrur neçə günahsız müqəssirin kəlləsinə Mesopotamiya böcəyi düzürdü. Baş məlaikə Zübeydə xatunun fitvası ilə fars əyanları bir-bir rüsvaycasına saraydan qovulurdu. Xəlifənin ürək dostu, mümkün qədər saray çəkişmələrindən kənar gəzən kefcil şair Əbu Nüvvas da Bağdadı tərk edib Misir valisinə pənah aparmışdı. Hətta Xəlifə Harun özü bu çaxnaşıq vaxtlarda bəlkə anası Hayzurana xatundan çəkinməsəydi, Əbu Nüvvasa qoşular, başını götürüb burdan gedərdi, ya da sarayı Bağdaddan sakit bir guşəyə köçürərdi. Fitnə-fəsaddan, vəliəhd məsələsi üstündə söz-söhbətdən Altun sarayı uğuldayırdı. Xəlifə şöhrətini günbəgün itirirdi. Pıçhapıçdan onun canı boğazına yığılmışdı. Başı küyüldəyirdi. Nə qədər giley-güzara, dedi-qoduya qulaq asmaq olardı? Nə qədər saray çəkişmələrinə dözmək olardı? Xəlifənin zövcələri bir yana, məşuqələrinin də dili dinc dayanmırdı. Məşuqələr yataq otağında da xəlifəyə rahatlıq vermir, bir-birinə olmazın şər atırdılar. «Şər şeytandan qorxuludur!» deyiblər. Son vaxtlar sarayda baş vəzir Cəfərlə xəlifənin doğma bacısı Abbasə barədə cürbəcür şayiələr yayırdılar. Xəlifə Harun bilsəydi ki, bu deyilənlər doğrudur, cəzanı bir an da ləngitməzdi. Hələ şübhə içərisində idi.

Xəlifə çaşıb qalmışdı. Bilmirdi neçə il bir yastığa baş qoyduğu istəkli xanımı Zübeydə xatuna inansın, yoxsa hər yerdə «mənim qardaşım» dediyi baş vəziri Cəfərə? Xəlifə həmişə ən böyük mərasimlərdə və məclislərdə Cəfəri hələ Məzdək[31 - Məzdək VI əsrin əvvəllərində İranda xalq üsyanına başçılıq etmiş və o «ümumi bərabərlik», «kəndli rəhbərliyi», «azad sevgi» ideyasını meydana atmışdır. Rəvayətə görə Sasani şahı Ənuşirəvan bu hərəkatı boğmuş və Məzdəki asdırmışdır. Məzdək asılandan sonra onun ideyasını Fadənin qızı, Məzdəkin arvadı Xürrəmə davam etdirmişdi. Xürrəmə ərinin məğlubiyyətindən sonra Reyə gəlmiş və burda bütün xalqı Məzdək dininə çağırmışdı.] dövründə Sasani padşahı Ənuşirəvana vəzirlik etmiş Büzürcmehr Zərcmehr[32 - Büzürcmehr-Zərcmehr qatı Məzdək tərəfdarı olan Sasanilər sülaləsinin on doqquzuncu şahı Qubadın (487 – 551) oğlu Ənuşirəvanın dövründə hörmətli saray vəziri olmaqla bərabər, həm də alim kimi şöhrət qazanmışdı. O, Hindistandan bir sıra qiymətli əsərlər əldə edib onları pəhləvi dilinə (orta fars dilinə) tərcümə etmişdi. Rəvayətə görə nərd oyununu da icad edən Büzürcmehr olub.] ilə müqayisə edərdi, deyərdi ki, mənim vəzirim Cəfər, Ənuşirəvanın vəzirindən də ağıllı və kamallıdır… İndi isə get-gedə Cəfər barədə şübhələri artırdı. Şayiələr, söz-söhbətlər çuma xəstəliyi kimi yayılır, xəlifə bunun qabağını ala bilmirdi.

Bir sıra fars şəhərlərində iğtişaşlar da başlamışdı. Qırmızı bayraqlı[33 - Nizam əl-Mülk «Siyasətnamə» əsərində göstərirdi ki, Xəlifə Harun ər-Rəşidin atası Xəlifə Mehdi zamanı «qızılbayraqlılar» deyilən Qorqan batinləri xürrəmilərlə birləşib üsyan qaldırdılar və Reydə böyük qırğın törətdilər. O vaxtdan bədəvilər iranlılara (farslara) «qırmızıbayraqlılar» deyirdilər.] şeytanlar! Bu adla məşhur olan farslar Bəzz qalasında Dombagöz Əbu İmranla vuruşan Şəhrək oğlu Cavidana açıq-aşkar kömək edirdilər. Xəlifə quldurları güclü həmlələrə məruz qalıb dağlardan arana çəkilmişdi. Xürrəmilər qələbə münasibətilə atəşgahlarda yenidən od yandırırdılar. Farslar belə şayiə yaymışdılar ki, Əbu Müslümün[34 - Əbu Müslüm Xorasani (Əbdürrəhman ibn Müslüm) Əməvilər hakimiyyətinə son qoyan üsyan başçısıdır. O, müxtəlif təriqətlərin Əməvilərə olan narazılığından istifadə edərək 747-ci ildə Mərvdə üsyan qaldırmış və uzun vuruşmadan sonra 750-ci ildə xəlifə qoşununu darmadağın etmişdir. Beləliklə, Əməvilər hakimiyyəti devriləndən sonra Abbasilər hakimiyyətə gəlmişlər. Əbu Müslüm Xorasana hakim təyin edilmişdir. Lakin Xəlifə Mənsur Əbu Müslümün nüfuzundan qorxub 775-ci ildə onu öldürtmüşdür. Atəşpərəstlər mərasimlərdə Əbu Müslümün ruhuna dua oxuyur və onu öldürənə lənət yağdırırdılar.] ruhu Cavidana keçib, xilafətin ədalətli bir hökmdara ehtiyacı var. Mötəzililər bu fikrə tərəfdar çıxır və deyirdilər ki, şəriətdə hökmən dəyişiklik edilməlidir.

İslam dininin müxtəlif qollara ayrılması xilafətin birliyini həm daxildən, həm xaricdən pozurdu. İslamsız xilafəti idarə etmək çətin idi. Bu dinə laqeyd baxan hökmdarların taleyi həmişə uğursuz olmuşdur. Qulaqlarına səs dəymiş farslar Xorasanda Xəlifə Harunu olduqca soyuq qarşılamışdılar: «Sünnü-şiyə məsələsini qızışdıran bu şəhvətpərəst xəlifənin xanımı Zübeydə xatun deyilmi?! Biz onun özünü də, xanımını da istəsək məhv edərik!» Əgər baş vəzir Cəfər olmasaydı, bəlkə də onlar Xorasanda baş vermiş narazılığı yatırmağa gələn Xəlifə Harunu çoxdan Qəzmiyyə qəbiristanlığına göndərmişdilər. Xəlifə bərk qorxuya düşmüş, Xorasana gələn günü özünü xəstəliyə vurmuşdu: «Vaxtilə əməviləri taxtdan salan bu qorxubilməz farslar axırıma çıxa bilərlər!».

Məscidlərdə xatiblər[35 - Xatib – natiq, bəlağətli danışan, xütbə yazan və oxuyan şəxs. Həmin şəxs xəlifəyə xütbə oxuyur və onun hakimiyyətini tərifləyirdi.] Xəlifə Haruna deyil, onun fars qızından olan oğlu Məmuna xütbə oxuyurdular: «Biz, ancaq vəliəhd Məmuna biət edirik! Xilafətin taxt-tacına o sahib durmalıdır! Böyük bilik və dərrakə sahibi olan Məmuna allah-taala min il ömür bəxş eləsin!».

Bu sözləri Xəlifə Harun dönə-dönə Xorasan məscidlərində öz qulaqlarıyla eşitmişdi. Bundan Zübeydə xatunun da xəbəri vardı, Hayzurana xatunun da. Xilafətin bu dişi aslanları, baş vəzir Cəfərin əlindən zəncir çeynəyirdilər: «Farslar arasında bu fitnə-fəsadı törədən o hiyləgər, çoxbilmiş baş vəzirdir! O, həmyerliləri ilə xəlifəni qorxutmaq və beləliklə, hər şeyi öz iradəsinə tabe eləmək istəyir. Biz, hələ diriyik!»

Xəlifə Harun ər-Rəşid Xorasandan Bağdada qayıtmışdı, amma neçə gün idi ki, özünə gələ bilmirdi. Nəhayət, daxili sarsıntı və iztirabı özündən qovmaq qərarına gəldi. Xəzərlər geri çəkilməyə məcbur edilmişdi. Sevinib, şadlanmağa haqqı var idi. Xəlifə Altun sarayında bir-birinin ardınca daha dəbdəbəli ziyafətlər düzəldirdi.

Hayzurana xatun yenə qılıncdan "kəsərli siyasəti ilə kefcil oğlu Harunun taxt-tacının keşiyini çəkirdi. Ananın kinli-küdurətli sifətindəki qırışlar elə bil ərəb əlifbası idi və bu əlifba ilə, elə bil neçə qorxulu hökm yazılacaqdı. Bu hökmlər, kim bilir, cəllad Məsrurun kötüyü yanında nə vaxt, kimin üzünə oxunacaqdı.

Son vaxtlar Hayzurana xatunun üzündəki qırışlar sıxlaşmışdı. Zübeydə xatun bunu bilsəydi bəlkə də Məkkəyə çatmamış yarı yoldan Bağdada qayıdardı.

O, bir neçə gün idi ki, Məkkəyə yola düşmüşdü. Bilirdi ki, baş vəzir Cəfər də Məkkəyə gələcək. Altun sarayına xəbər çatmışdı ki, guya Məkkəyə su çəkən ustalar xərc azlıq elədiyinə görə işi yarımçıq qoyublar. Məkkəyə suyu Zübeydə xatun çəkdirirdi və indi Məkkəyə gedirdi ki, işi qaydaya salsın. Zübeydə xatun Məkkə ziyarətinə gələn zəvvarlar yanında savab sahibi olmaqdan ötrü özünü oda-közə vururdu: Gələcəkdə məni bütün müsəlmanlar xeyirxah bir xanım kimi yad etsinlər». Zübeydə xatunun Məkkəyə su çəkdirməkdə də məqsədi bu idi. Ancaq Bəzzdəki çarpışmalar suyun çəkilişinə ayrılan xərcə təsir göstərirdi. Xəlifənin nüfuzundan düşmüş məmurları Bişkin[36 - O vaxt Bişkin mahalına yeddi şəhər daxil idi. Bəzz şəhəri də həmin mahala baxırdı. hazırda İran Azərbaycanında Bişkin Mişkin kimi yazılır.] mahalında və Mimət nahiyəsində daha əvvəlki kimi əl-qol ata bilmirdilər. Üsyançı xürrəmilər gündə neçə vergi məmurunun başını kəsirdi.

Zübeydə xatun qorxurdu ki, Şirvan və Aran mahalları da əlindən çıxa bilər. Siyasət tələb edirdi ki, indi Xəlifə Harun xürrəmilərlə ehtiyatlı davransın. Xəzər türklərinin vurduğu ağır yaradan sonra əhalinin xəlifəyə qəzəbi bir az da artmışdı.

Gözəllik və zənginlik bəzən fəlakət gətirir. Şahlar, soltanlar, imperatorlar, xəlifələr ta qədim zamanlardan Azərbaycanın üstündə çarpışırdılar. Onu əvəzsiz gövhər kimi bir-birinin xəzinəsindən oğurlamağa can atırdılar.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68336848) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Ömrünü dəbdəbəli ziyafətlərdə və əyləncələrdə keçirən Roma imperatoru. Neron (64-68) tarixə «yadda qalan» bir şəxsiyyət kimi daxil olmuşdur. O, imperiyada böyük nüfuz qazanmış və hakimiyyət iddiasında olan doğma anası Aqrippinanı və məhəbbət macəralarına düçar olmuş, təmiz qəlbdən başqa gözəllik və ağıl sahibi olan arvadı Sabinə Pompeyi öldürmüşdür. Neron özünün aktyorluq və şairliyini imperator taxt-tacından üstün tuturdu. Hətta o, bir aktyor kimi səfərlərə çıxır, olduğu yerlərdə özünü imperator kimi deyil, aktyor kimi aparırdı. Neron 32 yaşında özünü öldürərkən son nəfəsində bu sözləri dönə-dönə təkrar etmişdir: «Təəssüf ki, böyük bir aktyor dünyanı tərk edir».




2


Əbu Nüvvas o dövrün şairi (762 – 813).




3


Xürrəmilər – bir sıra tarixçilər «xürrəmi», «xürrəmidini» və «xürrəmidinilər» sözlərini yanlış başa düşmüş və onlar bu sözləri Babək dövrü ilə bağlamışlar. Əslində bu belə deyildir. Tarixdən məlum olur ki, «xürrəmi», ya «xürrəmidin» adı hələ ikinci əsrdə İranda yeni din tərəfdarlarına verilən ümumi bir addır. Xürrəm – farsca xür, xvar, xorena, ərəbcə – günəş, od mənasındadır. Xürrəmilərə müxəmmirə və muğlar – yəni sehrbazlar deyirdilər.




4


Həcəri-əsvəd – haçansa göydən Məkkəyə düşmüş meteor parçası. Buna Qara daş deyirlər. Bu daş müqəddəs sayılır. Ziyarətə gedən hər zəvvar o daşın başına dolanıb öz niyyətini bildirir.




5


Dəmirçi Gavə İranın qədim əfsanəvi qəhrəmanıdır. O, İranı istila edən ərəb Zöhhakın əleyhinə üsyan qaldırıb onu taxtdan salmışdır.




6


Yəqub ibn İshaq əl-Kindi (ölüb 874) – ərəblərin məşhur filosofudur. O, rəngli ərəb xəritəsinin müəllifidir. Onun xəritəsində yollar qırmızı, səhra sarı, dəniz yaşıl, çaylar göy rənglə, dağlar isə tozcuqlarla işarə edilmişdir. Xəritədə iki dəniz təsvir olunmuşdu. Əl-Kindi bu məsələdə Qurana əsaslanmışdır. İtaliya filosofu Çeroloma Kardano (1501 – 1576) əl-Kindini dünyada yaşamış on iki ən nəhəng filosoflardan biri hesab edir. Əl-Kindi nəzəri görüşünə görə mötəzilli idi. O, sarayda xəlifə oğlanlarına tərbiyə verirdi. Xəlifə əl-Mütəvvəkkil (847 – 861) əl-Kindini nüfuzdan salıb, onun kitabxanasını zəbt edib və özünü saraydan qovmuşdu. Əl-Kindi bəzi hallarda xürrəmilərə rəğbət bəsləyirdi.




7


Çaxçur – eramızın VIII – IX əsrlərində dini mərasimlərdə ipək çaxçur geymək adət idi. Zübeydə xatun bu paltarı da məclisdə geyməyi dəb salmışdı.




8


Gilələ – alt qadın paltarı.




9


Çələbiyyə – ərəb qadınlarının gecələr geydiyi paltar.




10


Tuğra – Abbasi nəslindən olan qadınlara və qızlara məxsus xüsusi daş-qaşla bəzədilmiş baş geyimi.




11


Kütrəbbul – bu şərab Bağdadın yaxınlığındakı Kütrəbbul kəndində hazırlanırdı.




12


Cəmşid – İranın Pişdadiyan sülaləsinin əfsanəvi şəxsiyyəti




13


Bir ritl – dörd yüz qram




14


Mötəzililər – IX əsrdə ruhanilər tərəfindən yazılan kitablar Quranın dediklərini təbliğ etməli idi. Bütün elm də Qurana əsaslanmalı idi. IX əsrin əvvəllərində islamın birliyi pozulur və islam dini parçalanıb beş qola ayrılır. Sünnilər, mötəzililər, murcilər, şiələr və xaricilər. Bu dini qollar arasında ciddi mübarizə gedirdi. Alimlərin hər biri Quranı öz bildiyi kimi məqsədinə uyğun surətdə təhlil edirdi. Dini rəvayətlər, əfsanələr mübahisəni genişləndirirdi. Rəvayətlərin əksəriyyəti bir-birinə zidd idi. Mötəzililər xüsusi fərqlənir və onlar Quranı müasir baxımdan təhlil edirdilər. Xəlifə Məmun dövründə mötəzililərin ideyası dövlət ideyası oldu. Lakin bu ideya axıra qədər davam gətirə bilmədi.




15


Süheyl – Parlaq ulduz. Bu ulduz Şərq ədəbiyyatında gözəllik simvoludur




16


Carçı qapısı




17


Qırxlar qapısı




18


Yeni qapı




19


Türkmən qapısı




20


Bayat qapısı




21


Narınqala qapısı




22


Bəzi tarixçilərin yazdığına görə Makedoniyalı İsgəndər bu səddi şimal tayfalarının hücumlarından qorunmaq üçün çəkdirmişdir. Bəzi tarixçilər isə bu səddin Sasani padşahı Ənuşirəvan tərəfindən tikdirildiyini iddia edirlər.




23


O dövrdəki xəzərlərə görə guya cəhənnəm yerin altındadır. Kim yerə basdırılsa, o cəhənnəmə gedir. Odur ki, xəzərlərdə meyiti yandırmaq adət idi.




24


Bəzi ərəb tarixçiləri Babəkin atasının adını Abdulla, bəziləri isə Mərdəs yazıblar. Babəkin qardaşının da adı Abdulla olub.




25


Xəzərlər əsir alınmış qadınların qoluna qandal vurmurdular. Qadını qolu qandallı aparmağı özlərinə ar bilirdilər.




26


Əhrimən, atəşpərəstlərin müqəddəs kitabı Avestaya görə, şər allahıdır və həmişə xeyir allahı Hörmüzü təqib edir. Əhrimənin Zairishaq adlı köməkçisi Hörmüzün Xordad adlı köməkçisi ilə qarşı-qarşıya durur. Atəşpərəst dininə görə canavar, qaranlıq, tufan, qara bulud həmişə Əhrimən tərəfində olub, insanlara fəlakət və aclıq gətirir. Xeyir allahı Hörmüz isə daima bu şər qüvvələrlə mübarizə aparır.




27


Cavanşir Mehranilər sülaləsindən olub Azərbaycanın şimal-şərqində yerləşən Girdman hökmdarı Varazın oğlu idi. Atasından sonra Cavanşir hakimiyyət başına keçmiş və o, VII əsrdə İran ordusu ilə birlikdə iyirmi min qoşunla Dəclə-Fərat ətrafında ərəb qoşunu ilə vuruşmuşdur. Cavanşir ağır yara alsa da döyüş meydanından çəkilməmiş və böyük şücaət göstərmişdir. Xəzərlər də Cavanşirin qorxusundan Azərbaycana ayaq basa bilmirdi. Cavanşir xaqanı hədələyib demişdi: «Rədd ol get, bu yerlərə bir də ayağını basma!»




28


Atəşbod – atəşgahda od yandıran xidmətçi




29


Cavidan – Məşhur Bəzz qalasının sahibi olub. Xürrəmilər 807 – 816-cı illərdə Cavidanın başçılığı ilə xəlifə əleyhinə üsyan qaldırmışdılar. Babək hələ yeniyetmə ikən bu üsyanda iştirak etmişdi. Babəkin bir cəngavər kimi yetişməsində Cavidanın rolu xüsusilə böyükdür. 816-cı ildə Cavidan qətlə yetiriləndən sonra Babək xürrəmilərin sərkərdəsi olur.




30


Tarixçilər Zərdüştü atəşpərəstliyin banisi kimi qələmə verirlər. Zərdüşt dininin etiqadları hələ bizim eradan əvvəl – VII əsrdə Midiyada yazılmış müqəddəs Avestada geniş şərh olunmuşdur. Deyildiyinə görə Avesta on iki min inək dərisində yazılıb. Zərdüşt dinində baş kahin – baş allah Günəş və xeyir allahı Hörmüzdür. Xürrəmilər dini məsələlərdə Zərdüştə arxalanırdılar. Zərdüşt dininə görə kainatda vahid allah yoxdur, dünya daimidir, ruh heç vaxt ölmür.




31


Məzdək VI əsrin əvvəllərində İranda xalq üsyanına başçılıq etmiş və o «ümumi bərabərlik», «kəndli rəhbərliyi», «azad sevgi» ideyasını meydana atmışdır. Rəvayətə görə Sasani şahı Ənuşirəvan bu hərəkatı boğmuş və Məzdəki asdırmışdır. Məzdək asılandan sonra onun ideyasını Fadənin qızı, Məzdəkin arvadı Xürrəmə davam etdirmişdi. Xürrəmə ərinin məğlubiyyətindən sonra Reyə gəlmiş və burda bütün xalqı Məzdək dininə çağırmışdı.




32


Büzürcmehr-Zərcmehr qatı Məzdək tərəfdarı olan Sasanilər sülaləsinin on doqquzuncu şahı Qubadın (487 – 551) oğlu Ənuşirəvanın dövründə hörmətli saray vəziri olmaqla bərabər, həm də alim kimi şöhrət qazanmışdı. O, Hindistandan bir sıra qiymətli əsərlər əldə edib onları pəhləvi dilinə (orta fars dilinə) tərcümə etmişdi. Rəvayətə görə nərd oyununu da icad edən Büzürcmehr olub.




33


Nizam əl-Mülk «Siyasətnamə» əsərində göstərirdi ki, Xəlifə Harun ər-Rəşidin atası Xəlifə Mehdi zamanı «qızılbayraqlılar» deyilən Qorqan batinləri xürrəmilərlə birləşib üsyan qaldırdılar və Reydə böyük qırğın törətdilər. O vaxtdan bədəvilər iranlılara (farslara) «qırmızıbayraqlılar» deyirdilər.




34


Əbu Müslüm Xorasani (Əbdürrəhman ibn Müslüm) Əməvilər hakimiyyətinə son qoyan üsyan başçısıdır. O, müxtəlif təriqətlərin Əməvilərə olan narazılığından istifadə edərək 747-ci ildə Mərvdə üsyan qaldırmış və uzun vuruşmadan sonra 750-ci ildə xəlifə qoşununu darmadağın etmişdir. Beləliklə, Əməvilər hakimiyyəti devriləndən sonra Abbasilər hakimiyyətə gəlmişlər. Əbu Müslüm Xorasana hakim təyin edilmişdir. Lakin Xəlifə Mənsur Əbu Müslümün nüfuzundan qorxub 775-ci ildə onu öldürtmüşdür. Atəşpərəstlər mərasimlərdə Əbu Müslümün ruhuna dua oxuyur və onu öldürənə lənət yağdırırdılar.




35


Xatib – natiq, bəlağətli danışan, xütbə yazan və oxuyan şəxs. Həmin şəxs xəlifəyə xütbə oxuyur və onun hakimiyyətini tərifləyirdi.




36


O vaxt Bişkin mahalına yeddi şəhər daxil idi. Bəzz şəhəri də həmin mahala baxırdı. hazırda İran Azərbaycanında Bişkin Mişkin kimi yazılır.



Cəlal Bərgüşadın “Sıyrılmış qılınc” tarixi romanı məşhur xalq sərkərdəsi Babək Xürrəminin ölməz həyatına həsr edilmişdir. Romanda Babəkin azadlıq və istiqlaliyyət uğrunda xilafətə qarşı apardığı bir sıra şanlı döyüşlər təsvir olunur.

Как скачать книгу - "Sıyrılmış qılınc" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Sıyrılmış qılınc" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Sıyrılmış qılınc", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Sıyrılmış qılınc»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Sıyrılmış qılınc" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Видео по теме - kınından sıyrılmış kılıç ve kesici şeylerin elden ele dolaştırılmasını yasaklamıştır

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *