Книга - Kərbəla dilbəri

a
A

Kərbəla dilbəri
Curci Zeydan


Ərəb ədəbiyyatında tarixi roman janrının formalaşdırılmasında xüsusi rolu olan Curci Zeydan (1861-1914) məhəbbət və sədaqət rəmzi ola biləcək qəhrəmanlarını islam dininin yaranmasının ilk illərində baş vermiş hadisələrin, o cümlədən Kərbəla şəhidliyinin, içərisindən keçirərək bir-birinə qovuşdurur. Əsər, bir qədər sərbəst yozulsa da, tarixi faktlar və qeyri-adi vəziyyətlərlə zəngindir, maraqla oxunur və zamanının ruhunu oxucuya çatdırır. Min bir gecə nağıllarındakından heç də geri qalmayan sərgüzəştlərlə dolu, islam tarixinə hörülmüş məhəbbət romanı. Aleksandr Dümanın əsərlərinin xilafətin saray intriqaları, Mediçi üslubunda sui-qəsd və qətllərini təsvir edən ərəb analoqu. Eyni zamanda, Kərbəla düzündə İmam Hüseynin qətlini təsvir edəcək dərəcədə mötəbər bir əsər. Gənclər bu kitabı bir məhəbbət və sərgüzəşt romanı, yaşlılar isə islam dininin yaranmasının ilk illərinin xronikası kimi oxuya bilər.





Curci Zeydan

Kərbəla dilbəri





Curci Zeydan və onun “Kərbəla dilbəri” romanı


Görkəmli ərəb yazıçısı, jurnalisti, alimi, maarifçisi, filosofu Curci Zeydan 1861-ci ildə Beyrutda xristian ərəb ailəsində anadan olmuşdur. Şəhərin kilsələrinin birinin nəzdindəki məktəbdə 2 il təhsil aldıqdan sonra ibtidai məktəblərin birinə keçmişdir. 11 yaşında təhsilini yarımçıq qoyub atasının kafesində ona kömək etmək məcburiyyətində qalmışdır. Lakin bu işdə atasınının etimadını doğrultmamışdır. Atası bir ildən sonra onu bir çəkməçiyə şagird vermişdir. Curci orada 2 il işlədikdən sonra xəstələnir və atası onu yenidən öz kafesində işlətməyə məcbur olur. O, bundan sonra özü təhsilinin qayğısına qalmağa başlayır: ingilis dili kurslarına gedir, klassik ərəb şeirini öyrənməyə başlayır. 1881-ci ildə iki ay ciddi hazırlaşır və Beyrutdakı Amerika kollecinin tibb fakultəsinə daxil olur. Müntəzəm məktəb təhsili almaması özünü tez büruzə verir: tələbə yoldaşları ilə ayaqlaşa bilmir. Lakin öz üzərində gərgin işləyir və kollecin birinci kursunu tərifnamə ilə başa vurur. Lakin təhsilini başa vurmaq ona nəsib olmur. Beyrutda tələbə nümayişlərinə rəhbərlik etdiyinə görə onu ikinci kursda kollecdən xaric edirlər. 1883-cü ildə ekstern üsulu ilə imtahan verib əczaçı diplomu ala bilir. Bundan sonra Qahirəyə gedib, orada tibb təhsilini davam etdirmək qərarına gəlir. O vaxtlar ərəb dünyasının mədəni mərkəzi sayılan Qahirədə çətinliklərlə üzləşir və Qəsr əl-Ayni xəstəxanasının nəzdindəki tibb kollecində təhsil almağın həddindən çox vaxt aparacağını biləndən sonra bu niyyətindən tamamilə əl çəkir. Qahirədə buraxılan “Əz-Zaman” qəzeti ilə əməkdaşlıq edir və eyni zamanda öz biliyini artırmaqla məşğul olur.

1884-cü ildə Sudanda Məhəmməd Əl-Mehdi üsyanını yatırmağa göndərilən və burada mühasirə vəziyyətinə düşən ingilis generalı Çarlz Qordona kömək üçün təşkil edilən hərbi ekspedisiyada tərcüməçi kimi işə düzəlir. Təqribən bir il həmin missiyada işləyir və Xartumda hərbi əməliyyat başa çatdıqdan sonra Beyruta qayıdır. Burada qədim ibrani, siryani və fars dillərini öyrənməyə başlayır. 1886-cı ildə Beyrutda ilk elmi əsərini – “Ərəb dilinin leksikası və dilin fəlsəfəsi” kitabını nəşr etdirir. Elə həmin ildə Londona gedir və məşhur Britaniya muzeyindəki ərəb əlyazmalarının tədqiqi ilə məşğul olur. Londondan qayıtdıqdan sonra həmişəlik Qahirədə məskən salmağı qərara alır. Ömrünün qalan hissəsini burada yaşayır. Bundan sonra Qahirəni yalnız bir neçə dəfə qısa müddətlərə tərk edir: 1908-ci ildə İstambula və 1912-ci ildə Fransa, İsveçrə və İngiltərəyə səyahətə çıxır. 1913-cü ildə isə Fələstində olur. Onu bir sıra Avropa və Şərq ölkələrində müxtəlif elmi cəmiyyətlərin üzvü seçirlər.

Qahirədə 1886-cı ildən başlayaraq bir neçə il “Əl-Muqtataf” jurnalı ilə əməkdaşlıq edir. 1886-1888-ci illərdə jurnalın redaktoru işləyir. 1892-ci ildə “Əl-Hilal” adlı elmi, tarixi, ədəbi və ictimai jurnal və eyniadlı nəşriyyat yaradır. Ömrünün axırınadək bu iki təsisata rəhbərlik edir. Özünün ədəbi-bədii, tarixi və elmi əsərlərininin böyük əksəriyyətini əvvəlcə bu jurnalda hissə-hissə çap etdirir, sonra isə nəşriyyatda ayrıca kitab halında buraxır.

Onun elmin müxtəlif sahələrində yazdığı əsərlər hələ də öz əhəmiyyətini qoruyub saxlayır. “Misirin yeni tarixi”, “Ərəb dilinin tarixi”, “Misirin müxtəsər coğrafiyası”, “Masonçuluğun ümumi tarixi”, “Yunanıstanın və Romanın tarixi”, “Xilqətdən indiyədək ümumdünya tarixi”, “Qədim ərəblərin genealogiyası”, “Millətlərin təsnifatı”, “Təbiətin möcüzələri”, “XIX əsr Şərqin görkəmli şəxsiyyətlərinin bioqrafiyası”, “Ərəb ədəbi dili və danışıq dili”, “Şərq qadını dünən və bu gün”, “Keçmiş zamanlarda siyasi partiyaların tarixi”, “Qayınana və gəlin”, “Söz azadlığı millətin tərəqqisinin əsasıdır”, “Müasir fizioqnomika”, “İngilislərin əxlaqı” və s. elmi əsərləri onun bilik dairəsinin necə geniş və rəngarəng olduğunu sübut edir. Yaradıcılığının bu məhsuldar dövründə yazdığı 5 cildlik “İslam sivilizasiyasının tarixi” və “Ərəbdilli ədəbiyyatın tarixi” kimi əsərləri indiyədək dünya şərqşünaslarının stolüstü kitabları kimi öz əhəmiyyətini itirməmişdir.

Curci Zeydan ilk bədii əsərini – “Qaçqın məmlük” tarixi romanını 1891-ci ildə yazmışdır. Əsər XIX əsrin əvvəllərində Misirdə Məhəmmədəli paşanın hakimiyyəti ələ keçirməsindən sonra baş verən hadisələrdən bəhs edir. İkinci romanı “Məmlüklərin istibdadı” (1893) XVIII əsrdə Misirdə və Suriyada baş verən hadisələrdən danışır. “Yalançı Mehdinin əsiri” (1892) romanı 1881-ci ildə Sudanda Məhəmməd Əl-Mehdinin üsyanından və Misirdə Əhməd Urabi paşanın ingilis müstəmləkəçilərinə qarşı üsyanının yatırılmasından bəhs edir. “Misirli qız Ərmanusə və ya Misirin fəthi” (1896) tarixi romanı isə Misirin islam qoşunları tərəfindən fəthi zamanı baş vermiş hadisələrdən danışır. “Sevgililərin mübarizəsi” (1893) romanı müəllifin yeganə romanıdır ki, heç bir tarixi hadisəyə toxunmur və iki gəncin məhəbbət sərgüzəştlərindən bəhs edir. Romanlar ərəb oxucuları tərəfindən çox yaxşı qarşılanır. Jurnala göndərilən rəylər yazıçını islam tarixindən bəhs edən silsilə romanlar yazmağa ruhlandırır. 1887-ci ildən başlayaraq “İslam tarixi romanları” seriyasından planlaşdırdığı əsərlərini yazmağa başlayır. Seriyanın ilk əsəri “Qəssanilər qəbiləsinin gözəli” adlı iki hissədən ibarət olan romanı hesab edilir. Curci Zeydan “Əl-Hilal” jurnalında bir romanını dərc etdirib qurtarmamış digərini yazmağa başlayır, sonra həmin romanları ayrıca kitab halında nəşr etdirir. Bəzi tədqiqatçıların yazdığına görə, o, bir romanını yazıb başa çatdırmamış əsərin əvvəlini jurnalda hissə-hissə dərc etdirir, işin gedişində qalan hissələrini yazırmış. Onunla bir dövrdə yaşamış bəzi ərəb şair və yazıçıları göstərirlər ki, C.Zeydan yazdığı romanın necə qurtaracağını özü də dəqiq təsəvvür etmirmiş. Görünür, o, A.Dümanın və V.Skottun pərəstişkarı olmuşdur. Lakin C.Zeydan A.Dümanın iş metodundan istifadə etsə də ondan fərqli olaraq ədəbiyyatın tarixə xidmət etməsinə üstünlük vermişdir. O, tarix elminin böyük pərəstişkarı olmuşdur.

Onun əsərlərinin naşirləri C.Zeydanın “İslam tarixi romanları” seriyasına 17, bəzən də 18 roman daxil olduğunu yazmışlar. Bu əsərlər VII – XIII əsrlərdə islam aləmində baş vermiş ayrı-ayrı tarixi hadisələri əks etdirir. Ümumiyyətlə, yazıçı çoxlu elmi əsərlərindən əlavə özünün tarixi romanlarının hamısını 1887-1914-cü illərdə yazıb nəşr etdirmişdir. Həmin illər ərəb tarixi romanı janrının təşəkkül tapdığı dövr hesab edilir. Lakin ərəb oxucuları yalnız onun tarixi romanlarını əsl oxucu məhəbbətilə sevmişlər və indiyədək oxuyurlar. Curci Zeydanın həyatının ən gərgin işlədiyi bu dövründə az qala hər il oxucuların ixtiyarına bir tarixi roman təqdim etmişdir. “Misirli qız Ərmanusə” romanı yazılma tarixinə əsasən seriyanın ilk romanı, “Qəssanilər qəbiləsinin gözəli” (1897) romanı isə ikinci roman hesab edilir. İki hissədən ibarət olan bu romanda Məkkədə islam dininin yaradıcısı Məhəmməd peyğəmbərin fəaliyyəti dövründən Ömərin xəlifəliyinədək baş verən hadisələrdən bəhs edir. Lakin müəllif “Misirli qız Ərmanusə” romanını “İslam tarixi romanları” seriyasını yaratmaq barədə qərarından əvvəl yazsa da hadisələrin xronologiyasına əsasən onu bu seriyanın ikinci romanı hesab etmişdir. ”Qureyş gözəli”, “17 ramazan”, “Kərbəla dilbəri” və “Əl-Həccac ibn Yusif” romanları islam xilafətinin ilk dövründəki siyasi mübarizədən və daxili çəkişmələrdən danışır. “Əndəlüsün fəthi”, “Əbdürrəhman Ən-Nasir” və “Karl və Əbdürrəhman” romanlarında ərəblərin İspaniyanı fəth etməsindən, burada yaranmış xilafəti ilə Fransa arasında baş vermiş müharibələrdən bəhs edir. “Əbu-Müslim Əl-Xorasani”, “Harun Ər-Rəşidin bacısı Əl-Abbasə və ya bərməkilərin sonu”, “Əl-Əmin və Əl-Məmun”, “Fərqanə gəlini” və “Əhməd ibn Tulun” romanlarında Abbasilər sülaləsinin hakimiyyəti dövründə xilafətin ayrı-ayrı ölkələrində baş vermiş tarixi hadisələr təsvir edilir. “Qayruvanlı qız” əsəri isə Tunisdə Fatimilər sülaləsinin hakimiyyətə gəlməsindən bəhs edir. “Səlahəddin və həşşaşilərin fitnəsi” romanında Əyyubilərin Misirdə hakimiyyəti ələ keçirməsindən və məşhur ərəb sərkərdəsi Səlahəddin Əl-Əyyubinin səlibçilərə qarşı mübarizəsindən, “Məmlüklərin istibdadı” romanında isə XVIII əsrdə məmlüklərin Misirdə və Suriyada hökmranlığı dövründə baş vermiş hadisələrdən bəhs edir. Seriyanın axırıncı əsəri olan “Şəcərətüddürr” romanı isə Misirdə Əyyubilər sülaləsinin axırıncı hökmdarı Turanşahın öldürülməsindən və onun arvadı – ilk türk müsəlman qadın hökmdarı sayılan Şəcərətüddürr xanımın qısa müddətli hakimiyyətindən bəhs edir. Müəllifin özünün müasiri olduğu mühüm bir hadisədən – 1908-ci ildə Türkiyədə “Gənc türklər” hərəkatının cəhd göstərdiyi inqilabdan bəhs edən “Osmanlı inqilabı” (1911) romanı da vardır. Bəzi mənbələrdə göstərilir ki, yazıçının Misiri Osmanlı imperiyasından ayırıb müstəqil dövlətə çevirmiş alban əsilli, Osmanlı imperiyasının ordusunda yüksək rütbəli sərkərdə olmuş Məhəmmədəli paşanın həyatından bəhs edən “Məhəmmədəli” (1908) romanı da vardır. Lakin, nədənsə, yazıçının həyat və fəaliyyətini tədqiq edənlər bu roman haqqında, demək olar ki, heç nə yazmırlar. Lakin qəribə bir faktı göstərmək yerinə düşərdi: Yazıçının oğlu Emil Zeydan jurnalistlərə bildirmişdir ki, doğrudan da, belə bir roman Curci Zeydan imzası ilə buraxılmışdır. Lakin həmin əsər onun atasının deyildir. Bəlkə də tədqiqatçılar buna görə də onun 22 romanı olduğunu bildirirlər. Bununla belə, biblioqrafik göstəricilərdə “Məhəmmədəli” müəllifin 23-cü romanı olduğunu göstərirlər.

Əlbəttə, müasir dövrün oxucuları üçün C.Zeydanın “Sevgililərin mübarizəsi” romanından başqa bütün romanları sözün əsl mənasında tarixi romanlardır. Oxucular Curci Zeydanın tarixi romanlarını islam tarixinin müxtəlif dövrlərində baş vermiş hadisələr üçün əsl illüstrasiya materialları kimi qəbul edirlər. Yazıçının əsl qayəsi də bundan ibarət olmuşdur.

C.Zeydan romanlarındakı tarixi şəxsiyyət olmayan obrazları tarixi şəxslərlə çox inandırıcı şəkildə bir-birinə bağlayır, hətta qohumlaşdırır. O həm də ərəb şifahi xalq ədəbiyyatının dastanlarındakı ənənəvi ifadə və ibarələrdən, priyom və üsullardan bacarıqla istifadə etmişdir.

Yazıçının həyat və fəaliyyətini tədqiq edənlər Curci Zeydanı ərəb tarixi romanının atası, ərəblərdə yazıçı etikasının banilərindən ən barizi hesab edirlər. Həyatında hər şeyə öz zəhmətsevərliyi və əzmkarlığı sayəsində nail olduğuna görə onu “Ərəblərin Lomonosovu” da adlandırırlar. C.Zeydan yaradıcılığının çiçəkləndiyi dövrdə -1914-cü ildə Qahirədə vəfat etmişdir.

Ona “Zeydan ərəblərin haqq işinin cəfakeşidir”, “Zeydan islam yazıçısıdır” kimi yüksək qiymət verənlər heç də səhv etmirlər. Sağlığında təriflənən yazıçını sonralar bəzi tədqiqatçılar onun öz əsərlərində xristianların həyat tərzindən daha şövqlə bəhs etməsini, bəziləri isə İmam Əlidən və onun övladlarından xüsusi məhəbbətlə yazmasını ona irad tuturlar. Ümumiyyətlə, Curci Zeydan öz müsbət qəhrəmanlarından onların hansı dinə və ya zümrəyə mənsub olmalarından asılı olmayaraq çox ehtiram və şövqlə bəhs etmişdir. Qərb və rus şərqşünasları onun romanlarına öz minbərlərindən qiymət verərək onları köhnə modalı və çox sentimental əsərlər adlandırırlar. Başa düşmək olmur ki, XIX əsrin axırıncı rübündə ərəb romanının təşəkkül tapmasında böyük rol oynamış yazıçının həmin romanlarını o dövrdəki hansı ərəb romanı ilə müqayisədə köhnəmodalı romanlar adlandırmaq olar? Onun romanlarında hadisələrin həddindən çox olmasından şikayətlənənlər də vardır. Hadisələrin kasadlığı heç bir tarixi romana şöhrət qazandırmamışdır. Bəzi tənqidçilər isə onun elmi əsərlərində bir sıra qeyri-dəqiq hallar olduğunu aşkar etdiklərini yazırlar. Ərəb dilində elmin müxtəlif sahələrində ilk dəfə yazanlarda belə səhvlərin olmasını onlara irad tutmaq da yersizdir. Bu iradlardan əlavə, C.Zeydanın romanlarının böyük əksəriyyətinin mövzularını ərəblərin tarixinin şanlı dövrlərindən deyil, sülalələrin hakimiyyət uğrunda apardıqları qanlı çarpışmalardan, ərəblərlə farslar arasında olmuş toqquşmalardan, bir-biri ilə mübarizə aparan məzhəblərin tərəfdarlarının fəaliyyətindən götürməsini də mənfi hal kimi qəbul edənlər vardır. Əlbəttə, hər bir yazıçı öz əsərlərinin mövzularını tarixin hansı dövründən götürməkdə sərbəstdir. Əlbəttə, müəllifin əsərləri barədə iradlar onun sağlığında deyiləndə daha səmərəli ola bilərdi və öz məntiqi nəticəsini verərdi.

C.Zeydanı ərəblərin tarixini saxtalaşdırmaqda ittiham edənlərə, onun bütün romanlarının ərəbləri təhqir etmək üçün yazıldığını bildirənlərə ətraflı cavab verməyə ehtiyac yoxdur. Tarix hər şeyə özü qiymət verəcəkdir. Bütün iradlara baxmayaraq, C.Zeydanın ərəb ədəbiyyatında tarixi roman janrının formalaşdırılmasında xüsusi rolu olduğunu heç cür danmaq olmaz.

Doğrudan da, onun romanlarında bəzi diqqətsizliklərə rast gəlmək olur. Lakin bu iradlar yuxarıda göstərilənlərlə əlaqədar deyildir. Yazıçı bir romanında hər hansı bir şəhəri və yaxud hazırda mövcud olmayan qəsri təsvir edəndə göstərir ki, bu şəhər və yaxud qəsr onun filan romanında daha müfəssəl şəkildə təsvir edilmişdir və həmin romana müraciət etmək lazımdır. Ərəb tarixi romanı janrının təşəkkül tapdığı XIX əsrin axırlarında və XX əsrin əvvəllərində bəlkə də yazıçının belə bir bəsit priyomuna irad tutmaq heç kəsin ağılına gəlməyib.

Müasir dövrdə Curci Zeydanın tarixi romanlarının köhnəldiyini yazanlar da səhv edirlər. Çünki hələ də ərəb ölkələrində heç bir yazıçı islam tarixindən bəhs edən, az-çox maraqla oxunan tarixi romanlar seriyası yarada bilməmişdir.

Yazıçı öz romanlarında təsvir etdiyi hadisələrin böyük əksəriyyətini tarix kitablarından, o vaxtlar nəşr edilməmiş əlyazmalardan və s. mənbələrdən götürdüyünü göstərmişdir. Lakin həmin mənbələrin bəzən yalnız müəllifini, bəzən də yalnız əsərin adını göstərir. Yazıçı bəzən müəllifin adını tamamilə unudur və hər yerdə əsərin yalnız adını qeyd edir. Çox vaxt isə bu adlar yarımçıq şəkildə verilir, yəni rəsmən qəbul olunmuş ad şəklində olmur. Məlumdur ki, ərəb tarixçilərindən bir çoxunun əsərinin adı eyni cür olur. Məsələn, “Tabaqatul-ətibba” adlı bir neçə əsər mövcuddur. Yazıçının əsərində göstərdiyi əsərin kimin olduğunu, nə vaxt və harada çap edildiyini müəyyənləşdirmək mümkün olmur. Bəzən hadisələrin təsvirində istifadə etdiyi hər hansı bir əsərin adından sonra onun neçənci hissəsindən götürüldüyünü yazır, çox vaxt isə yalnız mənbənin adını yazır, amma neçənci hissəsindən istifadə edildiyini yazmır. Bəzi hallarda hətta müəllifin yalnız adını və neçənci hissə olduğunu göstərir. Halbuki həmin müəllifin bir neçə əsəri olduğu məlumdur.


* * *

Yazıçının tarixi romanlarının bir çoxu hələ onun sağlığında bir sıra Avropa və Şərq dillərinə tərcümə edilmişdir. Bu dillərin arasında Azərbaycan dili də vardır. Bakı qazısı Mirməhəmmədkərim Mircəfərzadə 1908-1911-ci illərdə Curci Zeydanın “Əzrayi-Qureyş”, “17 ramazan”, “Kərbəla yanğısı” və “Ərmanusətul-Mısriyyə” romanlarını hələ müəllifin sağlığında ərəb dilindən Azərbaycan dilinə tərcümə edib Bakıda nəşr etdirmişdir. Əliabbas Müznib isə yazıçının “Osmanlı inqilabı” romanını tərcümə edib 1914-cü ildə nəşr etdirə bilmişdir. Çox güman ki, həmin roman farscadan və yaxud türk dilindən tərcümə edilmişdir. Mirabbas Mirbağırov isə yazıçının “İslam sivilizasiyasının tarixi” əsərini 1913-cü ildə tərcümə edib Bakıda nəşr etdirmişdir. Ehtimala görə, bu əsər türkcədən tərcümə edilmişdir.

Oxuculara təqdim edilən “Kərbəla dilbəri” romanı bir vaxtlar Mirməhəmmədkərim Mircəfərzadənin tərcümə etdikdən sonra “Kərbəla yanğısı” adlandırdığı əsərin Azərbaycan dilinə ikinci tərcüməsidir. Mirməhəmmədkərim Mircəfərzadənin 1911-ci ildə nəşr etdirdiyi "Kərbəla yanğısı" çoxdan biblioqrafik nadir nüsxəyə çevrilmişdir. Tərcüməçi əsərin ərəbcə adı “Ğadətu Kərbəla”dakı “ğadə” sözünün Azərbaycan dilinə tərcüməsinin mümkün olmadığına görə romanı “Kərbəla yanğısı” adlandırdığını yazmışdır. Bəlkə də Mirməhəmmədkərim Mircəfərzadənin əlinin altında nəinki ərəbcə-azərbaycanca, hətta ərəbcə-türkcə lüğət də olmamışdır. Bu söz ərəbcədən tərcümədə “gözəl gənc qız”, “dilbər” mənasındadır. Həm də birinci tərcümə ərəb qrafikasındadır. Tərcümənin dili o qədər qəlizdir ki, onu müasir Azərbaycan qrafikasına transliterasiya etmək faydasızdır. Onun tərcüməsinin dilini indiki oxucular başa düşə bilməzlər. Doğrudur, onun tərcümələrindən birini müasir dilimizə transliterasiya etmək cəhdi göstərilmişdir. 2003-cü ildə “17 ramazan” romanı İran İslam Respublikasının “Daneşe Hamidun” nəşriyyatında Natiq Rəhimovun “yeni redaktəsilə” buraxılmışdır. Lakin həmin tərcüməni nə Mirməhəmməd Mircəfərzadənin, nə də Natiq Rəhimovun tərcüməsi hesab etmək mümkün deyil. “Kaspi” qəzetinin 2006-cı il 26 avqust tarixli nömrəsində dərc olunmuş yazıda həmin nəşrin müxtəlif çatışmazlıqlarından ətraflı bəhs edilmişdir.

Dünya ədəbiyyatında bəzi məşhur irihəcmli əsərlərin müəqqən bir dilə bir neçə dəfə tərcümə edilməsi faktlarına rast gəlmək olur. İ.V.Hötenin məşhur “Faust” əsərinin rus dilində beş tərcüməsi mövcuddur. Homerin “İliada” və “Odisseya” əsərlərinin isə rus dilinə bir neçə tərcüməsi vardır. Belə bir fakt da məlumdur ki, Alber Kamyünün bir romanı üç il ərzində rus dilinə üç dəfə tərcümə edilmişdir. 1966-cı ildə G.Adamoviç tərəfindən Parisdə “Yad adam” adı ilə, 1968-ci ildə Moskvada N.Qal tərəfindən “Kənar adam” adı ilə və 1969-cu ildə yenə də Moskvada N.Nemçinova tərəfindən yenə də “Kənar adam” adı ilə tərcümə edilib oxuculara çatdırılmışdır. Hesab edirəm ki, Curci Zeydanın “Kərbəla dilbəri” romanının Azərbaycan dilinə ikinci dəfə tərcümə edilməsinin tərcümə sənətimizə heç bir ziyanı olmayacaqdır. Əlbəttə, tərcüməyə düzgün qiyməti oxucular verəcəkdir.

Oxucular unutmamalıdırlar ki, əsər 1901-ci ildə nəşr edilmişdir. O vaxt ərəb tarixi romanı hələ tam təşəkkül tapmamışdı və müəllif ərəb ədəbiyyatında bu janrın pionerlərindən biri olmuşdur. Roman yazmaq texnikası hələ təkmilləşməmişdi. C.Zeydanın əsərlərinin redaktoru onun özü olmuşdur, yəni onun hər hansı bir priyomuna, ifadə tərzinə irad tutan, tarixi faktları dəqiqləşdirən əsl redaktor olmamışdır. Məhz buna görə də romanda bəzi uyarsızlıqlar vardır. Onların bir çoxuna dair tərcüməçidən izahlar verilmişdir. Bütün bunlara baxmayaraq, əsərin muasir oxucuda həmin dövrdə baş verən hadisələr barədə daha dəqiq təsəvvür yaradacağına əminik.



    Eldar MƏMMƏDOV




1. Bənu-Haşim və Bənu-Uməyyə


Hicaz ərəblərinin Qureyş qəbiləsinin çoxlu qolları vardır. Onların ən məşhuru isə Əbd Manaf tayfasıdır. Onun özünün isə Bənu-Uməyyə və Bənu-Haşim adlı iki soyu vardır. Qəbiləyə rəhbərlik həmişə Qureyşin bu iki soyundan olurdu. Başqa soyların heç biri onların qarşısında dayana bilmirdi. Bənu-Uməyyə adamlarının, xüsusilə də öz döyüşçülərinin sayının çoxluğuna görə Bənu-Haşimdən üstün idi. Buna görə də müharibələrdə qəbilə dəstəsinə onlar başçılıq edirdilər.

İslam dininin Peyğəmbəri Bənu-Haşimdən olduğuna görə haşimilər ona çox hörmət edirdilər. Adamlar Peyğəmbərin nəsihətlərindən çox razı qalırdılar və əvvəlki təəssübkeşliklərini unutmağa çalışırdılar. İslam dini, xüsusilə bir hədisdə deyildiyi kimi, onları bu əməllərindən çəkindirirdi: “Allah cahiliyyət dövründəki bəd əməllərinizi və onlarla fəxr etməyinizi sizdən uzaqlaşdırdı, çünki biz də, siz də Adəm övladıyıq, Adəm isə torpaqdan yaradılmışdır”.

Bənu-Haşimin Məkkədə hörmət və izzəti Peyğəmbərin əmisi Əbu-Talibin vəfatınadək davam etdi. Bundan sonra onun övladları və Peyğəmbərin digər səhabələri Mədinəyə hicrət etdilər. Peyğəmbərin əmiləri Həmzə və Əl-Abbas, Əbdülmütəllibin digər övladları və Bənu-Haşimdən olanların bir çoxu da onların arasında idi. Beləliklə, Məkkədə hər şeyin Bənu-Uməyyənin əlinə keçməsi üçün fürsət yarandı. Müsəlmanlara qarşı aparılan Bədr və digər döyüşlərdəki qüvvələrə Bənu-Uməyyə tam başçılıq etmişdi. Həmin vaxtlar onlara sonralar Əməvilər dövlətinin başçısı olmuş Müaviyənin atası Əbu-Sufyan özü rəhbərlik etmişdi.

Müsəlmanlar qəzəvatlarda dalbadal uğurlar qazananda və xüsusilə də hicrətin 7-ci ilində Məkkənin fəthi ərəfəsində Əbu-Sufyan hələ də burada Qureyş qəbiləsinin başçısı idi. Əbu-Sufyan müsəlmanların Məkkəni hökmən fəth edəcəklərini qəti dərk edəndən sonra əvvəlcə özü, sonra isə övladları islamı qəbul etdilər.

Əbu-Bəkr xəlifəliyə başlayanda Bənu-Uməyyənin və Qureyşin digər soylarının başçıları ilk mühacirlərdən fərqli olaraq heç bir mənsəbə təyin edilmədilər. Onlar bu barədə Əbu-Bəkrə şikayət etdilər. Əbu-Bəkr isə onlara “Qardaşlarınıza cihadda kömək edin!”– dedi və onları mürtədlərlə – islamdan üz döndərənlərlə müharibəyə göndərdi. Onlar cihadda yaxşı döyüşürdülər və ərəblərə kömək göstərirdilər. Ömər xəlifəliyə başlayanda onları Şam diyarına Bizans ilə müharibəyə göndərdi. Onlar Şamı fəth etdilər və çoxları da orada məskən salıb qaldılar. Əbu-Sufyanın oğlu Yəzid Şam vilayətinə vali təyin edildi. O, Əmvas[1 - 639-cu ildə Qüds şəhəri yaxınlığında yerləşən Əmvas kəndində baş vermiş taun zamanı 25 min nəfərədək adam ölmüşdür. Tərcüməçi.] taununda ölənədək həmin vəzifədə qaldı. Onun yerinə qardaşı Müaviyə vali oldu. Osman xəlifə seçiləndən sonra onu həmin vəzifəyə rəsmən təyin etdi. Beləliklə, Bənu-Uməyyə əvvəllər olduğu kimi islamda da ərəblərə başçılığı ələ keçirdi. Bənu-Haşim isə peyğəmbərliyin məsələləri ilə məşğul olmağa başladı və dünyəvi işlərdən imtina etdi.

Osman qətl ediləndən sonra adamlarda kimə beyət etmək barədə fikir ayrılığı yarandı. İmam Əlinin tərəfdarları çoxluq təşkil edirdi. Lakin onlar əslən Yəməndən olan Rəbiə və digər qəbilələrin adamları idilər. Müaviyənin dəstələri isə Qureyşin uğursuzlarından və əli hər şeydən üzülmüşlərdən, Şam müharibəsində iştirak edəndən sonra orada məskən salıb qalanlardan ibarət idi. Müaviyə çox güclü təəssübkeşlik edirdi. Sonra Əlinin adamları arasından Əl-Xəvaric[2 - “Əl-Xəvaric” İmam Əli ilə razılaşmayıb onun dəstəsindən xaric olanlara verilən addır. Tərcüməçi.] adlandırılanlar peyda oldular və onun başladığı iş tənəzzülə uğradı. Nəhayət, İmam Əli hicrətin 40-cı ilində qətlə yetirildi. Onun oğlu Həsən isə özü xəlifəlikdən imtina etdi. Hicrətin 41-ci ilinin ortalarında camaat Müaviyəyə beyət etməyi qərara aldı. Adamlar peyğəmbərliyin üstünlüklərini unutdular və yenidən təəssübkeşlik edərək güclülərə baş əyməyə başladılar. Bu yolla Müaviyə xəlifəliyi ələ keçirdi. O buna öz ağıl və dərrakəsi, məkrli siyasəti sayəsində nail oldu. Xəlifə eyni zamanda Bənu-Haşimdən olan ərəb başçılarını zahirən müdafiə edir, onları təhqir etmək istəyənləri cəzalandırırdı. Bunda isə onun öz məqsədi var idi.

Digər tərəfdən isə o, Bənu-Haşimi, xüsusilə də əhlül-beyti, o cümlədən Əlinin oğullarını nüfuzdan salmağa çalışırdı. Müaviyə bəzi adamları Əlini açıq-aşkar lənətləməyə təhrik edir və bunu edənləri mükafatlandırır, bundan imtina edənləri isə cəzalandırırdı. Tarixdə bu qəbildən olan bir neçə hadisə məlumdur. Ən məşhuru isə hicrətin 51-ci ilində Bənu-Kində qəbiləsinin başçılarından biri olan Hucr ibn Adiyy Əl-Kindinin qətlə yetirilməsini göstərmək olar. Hucru ona görə öldürdülər ki, o, Əlini lənətlənməkdən qəti imtina etmişdi.

Müaviyə Şamda hicrətin 41-ci ilindən 60-cı ilinədək iyirmi il xəlifəlik etdi. Hicazda və Kufədə müsəlmanlar Müaviyənin ölməyini gözləyirdilər ki, ondan sonra Peyğəmbərlə qohumluq əlaqəsi olan Hüseyn ibn Əliyə beyət etsinlər. Çünki o dövrdə xəlifəni şurada seçirdilər. Lakin Müaviyə ölməmişdən qabaq hökmranlığın irsən keçməsini təsbit edən elə bir bidətlik etdi ki, bu günədək onun izləri özünü göstərməkdədir. O özündən sonra oğlunun xəlifə olacağını vəsiyyət etdi. Müaviyə vəfat edəndən sonra oğlu Yəzid xəlifə oldu. O vaxt onun otuzdan bir az çox yaşı vardı. Şam diyarının Dəməşq şəhəri isə xilafətin paytaxtına çevrildi. Yəzidin xəlifə olması ilə razılaşanlar da, ona nifrət edənlər də istər-istəməz beyət etdilər.




2. Xalid monastırı


Dəməşqin Qutə adlanan hissəsi Şam diyarında öz məhsuldar torpaqları ilə məşhurdur. Ərazisinin eni də və uzunu da beş ağac məsafəsinə bərabərdir. Onu hər tərəfdən hündür dağlar əhatə edir. Vadinin ortasından isə bağları və bostanları suvaran bir neçə çay axıb buradakı gölə tökülür[3 - Səfiyəddin Əl-Bağdadi, “Mərasidul-ittila”, 2-ci hissə. Müəllif.]. Şam diyarının həmin bu məhsuldar torpaqlarının ortasında yerləşən Dəməşq şəhəri bir neçə min ildir ki, öz həyatı ilə yaşayır. Qutə vadisində Dəməşqdən başqa bir neçə kiçik kənd də yerləşir. Kəndlərin ətrafındakı çoxlu əkin sahələrinin və meyvə ağaclarından ibarət olan bağların arasından gur sulu arxlar və kiçik çaylar axır.

Dəməşqin Şərq darvazasının bir neçə ağac məsafəsində qədim bir monastır da vardır. Onu islamın ilk illərində Şam diyarını fəth etmək üçün göndərilən sərkərdə Xalid ibn Əl-Vəlid burada gecələdiyinə görə “Xalid monastırı” adlandırırlar. Bundan əvvəlki adı isə “Saliba monastırı” idi[4 - Səfiyəddin Əl-Bağdadi, “Mərasidul-ittila”, 1-ci hissə. Müəllif.]. Monastır “Mərcul-Əzra” deyilən yerin yaxınlığında hər meyvə ağacından yalnız bir cüt olan böyük bir bağın ortasında yerləşir.

Bu monastıra bayır tərəfdən baxanda adama elə gəlir ki, o, alınmaz bir qaladır. Bina dördguşəlidir, küncləri isə az qala yuvarlaq şəkildədir. Divarlarına bayır tərəfdən yaxşı suvaqlanıb sığal çəkilmişdir. Divarlar yuxarı qalxdıqca içəriyə tərəf meyillidir. Buna görə də bina aşağıdan enli, yuxarıdan isə nisbətən ensiz görünür. Divarlar uzununa çox möhkəm hörülmüşdür. Binaya giriş üçün çox alçaq və dar giriş vardır: əyilməmiş içəri girmək mümkün deyildir. Girişin taxta qapısının üzərinə çəkilmiş dəmir təbəqəni tamamilə qalın pas örtmüşdür. Belə böyük bir binaya bu kiçik qapıdan başqa ayri bir giriş yox idi. İçəri girəndən sonra bir neçə qolac uzunluğunda olan kiçik bir dəhlizin o başında monastırın həyətinə açılan qapı vardır. Həyətin ətrafı boyu birmərtəbəli hücrələr düzülmüşdü. Binanın üstündə monastırın rəisinin yayda və payızda qalması üçün hündür tavanlı bir otaq da mövcuddur. Monastırın divarlarının çox hündür olmasına baxmayaraq ayaq üstə dayanmış adam əlini uzatsa da onun pəncərələrinə çatdıra bilməzdi. Bacalara bənzəyən bu kiçik pəncərələrə bayır tərəfdən dəmir barmaqlıq vurulmuşdur. İlk dəfə kənardan baxan hər kəs monastırların bu şəkildə tikilməsinin səbəbini çox tez dərk edir. Belə binalardan zərurət yarandıqda müdafiə olunmaq üçün qala kimi istifadə edirdilər. Monastır sakinləri həyətdəki tövlədən və arxacdan at, davar və qaramal saxlamaq üçün istifadə edirlər.

Xalid monastırının əsas binasının şərq tərəfində eni və uzunu əlli addıma bərabər olan düzbucaqlı şəkilli tövləsi vardır. Tövlənin üç tərəfdən yerə sıx və bərabər şəkildə çalınmış payalardan ibarət hündür hasarı vardır. Tövlənin dördüncü hasarını isə monastırın öz binasının şərq divarının bir hissəsi təşkil edir. Payaların yuxarı tərəfindən yarıya parçalanmış ağac budaqları uzununa düzülmüş və budaq qabığından hazırlanmış kəndirsayağı çatılarla möhkəm bağlanmışdır. Tövlənin həmin qayda ilə payalardan düzəldilmiş sürütmə qapısının bir tərəfi yerə çalınmış payadan ibarət olan möhkəm dayağı vardır. Həmin sürütmə qapının zorba budaqdan ibarət olan üst qolu birbaşa binanın divarındakı oyuğa keçirilmişdir. Tövlənin üstünün yarısını örtən talvarın tavanı da ağac budaqlarından düzəldilmişdi. Talvarın örtülü hissəsi davar və qaramalın qışda buraya sığınması üçün nəzərdə tutulmuşdu.

Monastırı, tövləni və bağı birlikdə əhatə edən, həm də adam boyundan da hündür sıx bitmiş böyürtkən kollarından ibarət yaxşı hasarı vardır. Həmin hasarın da tövlənin qapısına bənzər, amma ondan çox möhkəm taxta qapısı vardır. Qapının yanında zəng asılmışdı. Buraya gələn hər bir kəs bu zəngi çalanda içəridəkilər səsi eşidib qapını açırlar.

Hicrətin 60-cı ilində Xalid monastırı belə bir görkəmə malik idi. Məhz həmin ildə Müaviyə ibn Əbu-Sufyan vəfat etmişdi. Vəzifədə onu oğlu Yəzid ibn Müaviyə əvəz etdi. O, Dəməşqdə islam xilafətinin xəlifəsi oldu. Bu monastırın rəisi əslən bizanslı olan qoca bir keşiş idi. O, ömrünün əlli ildən çoxunu burada keçirmişdi. Əvvəlcə uzun müddət adi rahib olmuşdu. Sonra onu rahiblikdən irəli çəkib monastırın rəisi təyin etmişdilər. O, Xalid ibn Əl-Vəlid burada gecələyəndə yeniyetmə rahib olmuşdu və Dəməşqin fəthini də öz gözləri ilə görmüşdü. Cavanlığında ərəb dilini bilmirdi, amma sonralar tədricən bu dili lap yaxşı öyrənmişdir. Rahiblər rəisin yaşına və gözəl əxlaqına görə ona çox hörmət edirdilər. Müaviyə özü də monastırın rəisinə hörmət edirdi və çox vaxt Qutədə ova çıxanda monastır rəisinin qonağı olur, hətta arabir onunla zarafat da edirdi. Yəzid xəlifə olandan sonra o da monastırın rəisinə hörmət edirdi.




3. Qutənin gözəlliyi


Hicrətin həmin 60-cı ilinin payız günlərinin birində monastır əhli çox tezdən oyanmışdı: monastırın bağından meyvələri daşımaqda rahiblərə kömək etmək üçün ətraf kəndlərdən kəndlilər gəlmişdilər. Onlar bağdan üzüm, heyva, alma, nar, armud, gavalı və şaftalı doldurulmuş səbətləri daşımağa kömək etməli idilər. Rahiblər payızda hər gün səhər tezdən kəndlilərin gəlişini intizarla gözləyirlər. Onların bəziləri aşağı düşüb kəndlilərin səbətləri monastırın həyətinə daşımalarına kömək etməyə başladılar. Həyət ətrafdakı hücrələrin qarşısındakı boş bir sahədən ibarətdir. Ortada isə həyətin çox hissəsinə kölgə salan böyük bir söyüd ağacı ucalırdı. Söyüdün yaxınlığında isə bir su quyusu görünürdü. Monastır əhli lazım gəldikdə bu quyunun suyundan istifadə edirdi. Kəndlilər səbətləri tək-tək, bəzən də qoşa-qoşa içəri daşıyırdılar. Monastırın rəisi isə hələ də yuxarıda öz otağında idi. Səhər ibadətindən sonra öz otağına qayıtmışdı, içəridə təkcə dua edirdi. O, adamların səs-küyünü eşidib otağından bayıra çıxdı və həyətə enən daş pilləkənin yuxarısında dayandı. Adi rahib paltarının üstündən əbasını çiyninə salmışdı.

O, rahiblərin yükləri içəri daşımasını görüb dedi:

– Niyə səbətlərin hamısını içəri daşıyırsınız? Özünüz yaxşı bilirsiniz ki, biz onların bir hissəsini xəlifənin iqamətgahına sovqat göndərməliyik. Xəlifə bir qayda olaraq onların bir hissəsini öz əmirlərinə və mühafizəçilərinə paylayır.

Bunları deyib, Qutə vadisinin əzəmətli mənzərəsinə tamaşa etmək üçün binanın damının kənarına tərəf getdi. Günəş uzaqdakı dağların arxasından boylanmağa başlamışdı. Artıq onun şüaları bağ-bağatdakı ağacların budaqlarında əks olunmağa başlamışdı. Quşlar budaqları tərk edərək səs-səsə verib, dəstə-dəstə uzaqdakı açıqlığa tərəf uçurdular. Onların bir hissəsi isə şərqə tərəf üz tutmuşdu. Sanki Günəşi öz civiltiləri ilə salamlamaq üçün bir-birini ötməyə çalışırdılar.

Monastırın rəisi bağlara tərəf baxmağa başladı. Bu bağların görünüşü adamın könlünü açırdı. Müxtəlif gül kollarının pöhrələrindən qalxan rayihə adamın qəm-qüssəsini silib aparır, onu məst edirdi. Cürbəcür gül kolları arxlarla, cığırlarla bağlar arasında çəpər təşkil edirdi. Gül kollarına müxtəlif şəkilli və ölçülü meyvə ağaclarının kölgələri düşürdü. Ağaclarda yaşıl yarpaqlardan çox müxtəlif rəngli meyvələr vardı: qıpqırmızı narlar, sapsarı heyvalar, dümağ mərsinlər, bənövşəyi gavalılar, alyanaqlı almalar adama gəl-gəl deyirdi.

Qutənin bir tərəfində müxtəlif növlü üzümlüklər vardı. Tənəklərin bəzilərindən ağ şama bənzər, bir hissəsindən alqırmızı, bəzilərində isə kömür kimi qara salxımlar sallanırdı. Müxtəlif rəngli otlar bağların torpağına gözəl bir xalı kimi sərilmişdi. Bağların arasındakı arxlarda axan suyun şırıltısı, quşların cəh-cəhi, yarpaqların xışıltısı bu mənzərəyə xüsusi gözəllik verirdi. Qutə vadisi ağaclarının arası ilə çayların axdığı bir cənnət bağına bənzəyirdi. Günəşin buraya saçdığı şüalar arxlardakı sularda əks olurdu. Şüaların gölün səthindən əks etməsi diqqəti daha çox cəlb edirdi.

Monastırın rəisi burada olduğu bütün müddət ərzində az qala hər səhər bu mövqedə dayanırdı, gözləri isə bu mənzərədən ləzzət almaqdan doymurdu. Nə yükləri daşıyan, meyvələri seçən rahiblərin və kəndlilərin səsi, nə də tövlədəki qoyunların mələşməsi, öküzlərin böyürtüsü, eşşəklərin anqırtısı onu bu gözəl mənzərədən ayıra bilmirdi.

Dayanıb xaliqin yaratdıqları barədə düşünməyə başladı. Sonra Qutənin gün çıxan tərəfinə baxdı. Uzaqdan gələn yollara baxdı, onları qurumuş çayların məcrasına oxşatdı. Həmin tərəfə baxarkən lap uzaqdan bir dəvə karvanının ağır-ağır gəldiyini gördü. Karvan ya İraqdan, ya da Hicazdan gəlirdi. Karvanda eşşəklər və dəvələr bir-birinin ardınca düzülüb asta-asta gəlirdilər. Monastırın rəisi karvanın kimin olmasını və ya onun haradan gəlməsini müəyyənləşdirmək istədi. Lakin karvanın hələ çox uzaqda olmasına görə bunu təyin edə bilmədi. Cavanlığında belə məsafədən çox şeyi asanlıqla müəyyənləşdirə bilirdi. İndi isə bacarmadı. Bir də gözlərinı sınaqdan çıxartdı və doğrudan da, qocaldığını anladı. Ürəyində ömrünün çox hissəsinin keçdiyinə təəssüfləndi. Yüklərin daşınmasında rahiblərə göstəriş verməyi qərara aldı. Bütün işləri qurtarandan sonra yuxarıdan enib kilsəyə keçdi. Həmişəki qayda ilə ibadət etdi, sonra yuxarıdakı otağına qayıtdı.




4. Hörmətli qonaqlar


Monastırın rəisi əlindəki kağızı oxuya-oxuya daş pilləkənlə yuxarıdakı otağına qayıtdı. İçəri daxil olub yatağında dirsəklənib kağızı oxumağa davam etdi. Bir azdan sonra monastıra yaxınlaşan dəvələrin səsini eşitdi və monastırın baxıcısını yanına çağırdı. O, hündür boylu, dolu bədənli yaşlı bir kişi idi. Monastıra bu yaxınlarda gəlmişdi. Monastır rəisinin otağına girib onun qarşısında dayandı. Monastırın rəisi ona dedi:

– Karvan səsi eşidirəm. Bir nəfəri göndər, yola çıxsın, gələnlərin kim olduğunu öyrənsin.

Monastırın baxıcısı binanın damının kənarına yaxınlaşıb baxmağa başladı. Bir azdan geri qayıdıb dedı:

– Yüklü dəvələrdir və bir neçə nəfər adam da var. Geyimlərindən görünür ki, İraq əhlidirlər.

– Onlar, deyəsən, səhər baxarkən uzaqdan gördüyüm karvandır. Bizim tərəfə dönüblər. Gərək, onlara qonaqpərvərliyimizi göstərək.

– Nəyə görə onları qəbul etməliyik? Onlar yad adamlardır, heç tanımırıq da. Hökuməti öz məhsul və meyvələrimizlə təmin etməyimiz kifayət deyildirmi? Onlar monastıra daxil olsalar da, yəqin ki, bir az istirahət etdikdən sonra çıxıb gedəcəklər.

– Çıxıb getsələr, öz işləridir, getsinlər. Əgər qalmaq istəsələr, onları qəbul edib qonaqpərvərlik göstərməliyik. Bunu onların xəlifələri öhdəmizə qoyublar. Onları qəbul edib hörmət göstərmək bizim borcumuzdur.

Monastırın baxıcısı belə bir öhdəliyin olmasından xəbərdar deyildi. Ona görə də dərhal soruşdu:

– O nə öhdəlikdir?

– Müsəlmanlar bu diyarı fəth edəndə buralarda bəzi işləri yerinə yetirmək biz xaçpərəstlərin öhdəsinə qoyulmuşdur. Həmin öhdəliklərdən biri də monastırlara gələn müsəlmanlara üç gün ərzində istədikləri xidməti göstərməkdən ibarətdir. İstəsək də, istəməsək də əhdnaməyə əməl etməliyik. Bizə qonaq gələn hər kəsə bir il buradan getməsə belə xidmət göstərməliyik.

Monastırın baxıcısı bunları bilmədiyinə görə xəcalət çəkdi və üzr istəmək istədi. Birdən qapıdakı zəngin səsi eşidildi. Monastırın rəisi dedi:

– Zənnimdə yanılmamışam. Get, qonaqları qəbul et, “xoş gəldiniz” de, onların karvanını yerbəyer edəndən sonra mənə xəbər ver.

Monastırın baxıcısı cavan rahiblərdən birini bağın qapısını açmağa göndərdi, özü isə monastırın qapısında dayanıb gələnlərə baxmağa başladı. Üç nəfər idilər, əyinlərində əba, başlarında kufiyyə, onun üstündən isə üqal[5 - “Kufiyyə” İraqda, xüsusilə də Kufədə kişilərin başına örtdükləri başlıqdır. “Uqal” isə kufiyyənin üstündən qoyulan yun və ya ipək iplikdən sıx hörülmüş kəndirəbənzər dairəvi yoğun qaytandır. Tərcüməçi.] vardı. Birisi isə sifətini də örtmüşdü. Bir neçə dəvənin üstündə qurudulmuş xurma ilə dolu böyük səbətlər və kisələr vardı. Bütün bunlardan görünürdü ki, onlar İraq tacirlərindəndir və yüklərindəkiləri Dəməşqdə satmağa gətirmişlər. Onlar monastırın qapısına yaxınlaşanda birinin çox gənc bir qız olduğunu aşkar etdi və dərhal da onlardan şübhələndi: ”Əgər onlar buralara yalnız ticarət üçün gəliblərsə, nə üçün belə bir qızı özlərilə gətiriblər?” Onlar monastırın qapısına yaxınlaşanda monastırın baxıcısı qonaqları qarşılamaq üçün irəli çıxdı, yunanca xidmətçilərə dəvələri tövləyə aparıb yemləməyi tapşırdı. Şam diyarında təzə olduğuna görə qonaqlara çətinliklə ərəbcə “xoş gəlibsiniz” dedi. Qabağa düşüb onların qapıdan içəri keçmələrinə kömək etdi. Qonaqların biri hündür boylu olduğuna görə başını əyib içəri keçməli oldu. Dar dəhlizdən keçib o biri qapıdan monastırın ortasında söyüd ağacı və su quyusu olan həyətə çıxdılar.




5. Kərbəla dilbəri


Monastırın rəisinə qonaqların gəldiyini xəbər verdilər. O, dərhal aşağı düşdü, qonaqlara “xoş gəlibsiniz” dedi və onları oturmağa dəvət etdi. Qonaqlar onun qeyri-ərəblərə xas olan tələffüzünə baxmayaraq ərəbcə təmiz danışmağına valeh oldular. Söyüd ağacının altındakı oturacaqlara əyləşib, hər kəs öz fikir aləminə qərq oldu. Monastırın rəisi onlara növbə ilə nəzər salmağa başladı: birisi hündür boylu, enlükürəkli, möhkəm bədənli, əlli yaşlarında olan xoş simalı bir kişi idi. Sifətinin tükləri az idi, qara saqqalı, iri qara gözləri vardı. Monastırın rəisi dərhal xatırladı ki, onu bundan əvvəl görmüşdür. Qonaqların ikincisi isə yaşı iyirmidən bir qədər çox olan gənc idi. Ona baxan hər bir kəs bədəninin möhkəmliyinə, üzünün tükünə və saqqalına görə ilk baxışdan ona otuz yaş da verə bilərdi. Sifətindən sağlamlıq yağırdı.

Üçüncüsü isə çox gözəl bir qız idi. Monastırın rəisi ona ilk dəfə baxan kimi qızın gözəlliyinə heyran oldu. Dəməşqdə və onun ətrafında keçirdiyi bütün ömrü boyu bizanslılar, ərəblər, nəbatilər, siryanilər və ya yəhudilərdən belə bir gözəllikdə qıza rast gəlməmişdi. Rəisin gözləri indiyədək belə qənirsiz gözələ tamaşa etməmişdi. Qızın gözləri gəncin gözləri kimi iri deyildi. Buna baxmayaraq, bu gözlərdə xüsusi bir məlahət var idi. Baxışları çox iti idi. Gözləri kirpiklərinin arasından par-par parıldayırdı. Monastırın qoca rəisi bu gözlərə qiymət vermək iqtidarında olsaydı, onlara çox cazibəli gözlər kimi qiymət verərdi. Çünki bu gözləri görən hər bir kəs dərhal onlara heyran olub sahibinin qarşısında diz çökməkdən başqa bir çarəsi qalmazdı. Bu gözlərdə ürəklərə təsir etmək qüdrəti və eyni zamanda bir saflıq əlaməti vardı.

Qızın sifəti dolu deyildi, amma elə bil işıq saçırdı, yanaqlarındakı qızartı onun sağlam olmasına dəlalət edirdi. Xüsusilə də məhz indi belə bir uzun səfərdən sonra yanaqları qıpqırmızı idi, az qala qan damacaqdı. Monastırın rəisi qızın geyiminə də diqqət yetirdi: ona elə gəldi ki, qız kasıb ailədəndir. Ürəyindən belə bir fikir də keçdi: ”Əgər atası mal-dövlət cəhətdən kasıbdırsa, belə bir qızla çox zəngin adamdır.” Lakin qız paltarının qollarını bir az çirmələdikdə və üzündəki örpəyi bir az qaldırdıqda rəis yəqin etdi ki, o, heç də kasıb deyildir. Qulaqlarından mirvari sırğalar sallanırdı, qollarında qızıl, gümüş və fil sümüyündən düzəldilmiş bilərzik və qolbaqlar vardı. Qızın dodaqlarının gözəlliyini, onlardakı ürəkləri əsir edən ifadəni vəsf etməyə nə qələm, nə də dil qadir deyildi. Əgər bir gözəlliyi dil və qələm vəsf etməyə qadir olsaydı, deməli, o heç də gözəllik deyil, bəlkə də yazanın və danışanın təsvir etdikləri bir şəkildir. Lakin istedadın təsvir etməkdə aciz qaldığı gözəllik Kərbəla dilbəri Səlmanın gözəlliyidir. Qızın gözəlliyi ona baxanların ürəklərinə dərhal öz təsirini göstərir, görkəmi ətrafdakıları özünə cəlb edirdi. Onunla danışan hər bir kəs qıza valeh olur, qarşısında pis söz danışmağı bacarmır, istər-istəməz ona tabe olur, onunla mübahisə etməyə gücü çatmırdı. Qıza verilmiş fitri zəka ilə aydın zehnin vəhdəti, sifətindən ətrafa təcəlla edən izzət və nəfsi, öz ləyaqətini lazımınca dərk etməsi onun öz ismətinin qoruyucusudur.

Monastırın rəisi qonaqları ilk dəfə görəndə kişini cavanların atası, gənci və qızı isə onun övladları olduğunu zənn etmişdi. Onların sifətlərinin cizgilərinin müxtəlif olduğunu yəqin etdikdən sonra qərara gəldi ki, gənc və qız bir-birlərinə oxşasa da kişi onların atası deyildir.

Monastırın rəisi söhbətə özü başladı:

– Görünür, uzaqlardan gəlirsiniz. İraqlı deyilsiniz ki?!

Amir cavab verdi:

– Bəli, biz Kufədən xurma gətirib Dəməşq bazarlarına aparırıq.

Amir hələ sözünü qurtarmamışdı ki, monastırın rəisi onu tanıdı və adının Amir olduğu da yadına düşdü. Dərhal soruşdu:

– Sən Amir Əl-Kindi deyilsən?

Amir gülümsündü və dedi:

– Bəli, özüyəm. Mən özüm əvvəlcədən tanışlıq vermədim ki, görüm, köhnə qonağını xatırlayırsanmı?

Monastırın rəisi dərindən nəfəs alıb dedi:

– Necə xatırlamıram?! O qorxunc hadisənin şahidi olmuşam. Mən hələ də qoz ağacının altındakı o dəhşətli saatları indiyədək unuda bilmirəm.

Amirin sifətindəki ifadədən aydın görünürdü ki, o, həmin faciəli hadisəni yada salmaq istəmir. Söhbəti davam etdirmək istədi, amma monastırın rəisi onu qabaqlayıb soruşdu:

– Yəqin ki, bu cavan oğlun, bu gözəl də qızındır? Adları nədir?

Amir bir anlığa susdu, şəhadət barmağı ilə saqqalını sığallayıb dedi:

– Bəli, övladlarımdır, adları da Əbdürrəhman və Səlmadır.

Monastırın rəisi bu cavabla kifayətləndi. Amma hiss etdi ki, Amir nəyi isə gizlədir. Barmaqları ilə cibindəki kiçik ləpik daşlarını bir-bir çevirməyə başladı. Rahiblər bu daşlardan o vaxtlar təsbeh kimi istifadə edirdilər. Gün ərzində keçirdikləri ibadətlərin və duaların saylarını yadda saxlamaq üçün istifadə edirdilər. Onlar gün ərzində lazım olan ibadətlərin və duaların sayı qədər kiçik ləpik daşı toplayıb ciblərinə qoyurdular. Hər dəfə dua başa çatdıqdan sonra ciblərindəki daşlardan birini çıxarıb kənara qoyurdular. Cibdəki daşlar qurtaranda bilirdilər ki, dualar və ibadətlər yerinə yetirilib, yəni başa çatdırılıb. Xaçpərəstlər təsbehlərdən yalnız XIII əsrdən etibarən istifadə etməyə başlayıblar.[6 - “Qamusul-İslam”. Müəllif. (Müəllifin romanı yazdığı vaxt belə bir lüğət mövcud deyildi və o bu lüğətin kim tərəfindən, nə vaxt və harada buraxıldığını göstərməmişdir. Çox ehtimal ki, o, Türkiyə leksikoqrafı Şəmsəddin Saminin “Qamusul-e`lam” ensiklopedik lüğətidir. Tərcüməçi).] Monastırın rəisi hələ də cibindəki daşları çevirməkdə idi, sonra söhbəti başqa bir mövzunun üzərinə gətirdi:

– Kufədən burayadək yolu neçə günə qət etdiniz?

– Karvanla birlikdə iyirmi günə gəlmişik.

– Xurma satmaq üçün bu səfərə çıxmaqla çox məşəqqət çəkmədinizmi? Onların satışından qazandığınız bu yollarda çəkdiyiniz əzab-əziyyətə dəyməz.

Amir monastır rəisinin sualından deyilənlərə inanmadığını hiss etdi. Şəkk-şübhəni tamamilə aradan qaldırmağa cəhd etdi:

– Doğru deyirsən, xurma satmaq üçün bu qədər əziyyət çəkməyinə dəyməz. Biz yükümüzü də, dəvələrimizi də satacağıq. Dəvələr çox baha qiymətə satılır, xurmadan qat-qat çox gəlir verir. Qayıdan baş Dəməşqdən başqa mal alıb İraqa aparacağıq.

Səlmanın onlarla gəlməsinin bu cür izahının ağlasığmaz olduğunu dərk edən Amir dərhal bildirdi:

– Səlma isə Dəməşqi və onun mənzərəli yerlərini görmək üçün bizimlə getməyi israr etdi. Biz də gördük ki, onu Kufədə tək qoyub gəlməkdənsə, özümüzlə aparmaq daha yaxşı olar.




6. Qoca abid


Amir və monastırın rəisi söhbət edirdilər. Səlma isə həyətin küncündə divara söykənmiş qocaya baxırdı. Qocanın yanında qara rəngli, iri başlı və zəhmli bir it də var idi. İt arxa ayaqları üzərinə oturub, qabaq ayaqlarını yerə möhkəm dirəmişdi. O özünün bu duruşunda əsl şirə bənzəyirdi. İt nəzərlərini Səlmanın üzünə dikmişdi. Par-par parıldayan gözləri ilə qızın sifətini diqqətlə süzürdü.

Divara söykənmiş qoca özünün qəribə görkəmi və qaba paltarı ilə Səlmanın diqqətini cəlb etmişdi. Qız indiyədək belə bir görkəmdə qoca kişi görməmişdi və eşitməmişdi. Kişi çox qoca idi, başının tüklərinin hamısı ağarmışdı, bir dənə də qara tük yox idi. Kənardan ona baxana elə gəlirdi ki, başında ağ əmmamə var. Burnu aydın seçilirdi, az qala hədəqəsindən çıxan qara gözləri vardı, alnı qırış-qırış idi. Saçlarını heç vaxt daramaması, əl-üzünü illərlə yumaması onun görkəmini daha acınacaqlı edirdi. Saçlarına heç bir daraq girməzdi. Səlma gördü ki, qoca uzun çirkli dırnaqları ilə saqqalını və başını qaşıyır. Səlmaya çox qəribə görünən isə onun geyimi idi. Əynindəkinə paltar demək mümkün deyildi. Geyimi cod tükdən toxunmuş parçadan olan rahib paltarına, bir az da dərviş geyiminə bənzəyirdi, bəlkə də bu onun çox köhnəldiyinə görə rəngini itirmiş öz əbası idi.

Qoca iti böyründə divara söykənib mürgüləyirdi. O, yatmaq istəmirdi, amma gözlərinin qapaqları özü-özünə örtülürdü. İt də, onun sahibi də bir-birinə çox isinişmişdi.

Əbdürrəhman da qocaya və onun itinə baxır, onların halına acıyırdı.

Amir Səlmanın adını çəkəndə qız fikrindən ayrılıb üzünü Amirə tərəf çevirdi. Qocaya tərəf işarə edib dedi:

– Həyətin küncündəki o qoca kişi və onun qara qorxunc iti məni çox maraqlandırır. Deyəsən, Əbdürrəhman da mənim kimi çox təəccüblənib.

Əbdürrəhman öz adının çəkildiyini eşidib fikirdən ayrıldı və onlara tərəf baxdı. Sifətindən görünürdu ki, o da Səlma kimi çox təəccüblənib. Monastırın rəisi barmağı ilə onlara işarə etdi və dodağını dişlədi. Qonaqlar boyunlarını ona tərəf uzatdılar. Monastırın rəisi onlara pıçıltı ilə dedi:

– Bu qoca əsl zahid və guşənişin adama bənzəyir, amma onun hərəkətləri heç də abid adamın hərəkətlərinə oxşamır. Elə bil ki, ağlı çaşıb. O, bir neçə il bundan əvvəl bizim monastıra gəlib, elə o vaxtdan da burada bizimlə qalır. O qara it isə gecə-gündüz qocanın yanında olur, çox nadir hallarda ondan ayrılır. Heç bir dəfə də əl-üzünü yuduğunu, ya da dırnaqlarını tutduğunu, yaxud da paltarını dəyişdiyini görməmişik. Çox qəribədir ki, bizim hücrələrdən heç birinə girib yatmır. Çox vaxt həyətin həmin küncündə, bəzən də o biri küncündə yerə oturur. Deyilənə görə, Qutədə ağacların bəzisinə dırmaşıb elə oradaca, bəzən də elə ağacın altında yatır. Çox qəribədir ki, o heç vaxt ət və çörək yemir, mer-meyvə ilə kifayətlənir. Bağ-bostanları gəzib özünə meyvə və tərəvəz yığır, çox vaxt da ağaclara çıxıb özü üçün meyvə dərir. Bizimkilərin ona yazığı gəlir, heç vaxt meyvə toplamasına mane olmurlar.

Amir dilləndi:

– Deməli, o nə isə bir kəramət sahibidir. Bizdə belə adamları kəramət sahibi hesab edirlər.

Onlar bu cür pıçıltı ilə söhbət etdikləri zaman zəng çalındı. Rahiblərdən biri cəld qalxıb, gələni qarşılamağa getdi. Lakin o, uzun müddət geri qayıtmadı. Monastırın rəisi yerindən qalxıb onun ardınca getdi.




7. Müəmmalı qonaq


Səlma əli ilə itə işarə edib, onu yanına çağırdı. İt dərhal qaçıb qızın yanına gəldi. Səlma cibindən bir xurma çıxarıb itə tərəf uzatdı. İt xurmanı qızın əlindən götürüb yedi. Qıza mehribanlaşdı, başını onun paltarına sürtməyə başladı. Səlma isə barmaqları ilə itin başını sığallamağa başladı. İt qıza daha da isnişib, quyruğunu bulamağa başladı. Lakin zəngin səsini eşidən kimi dik qalxdı. Quyruğunu dikəltdi, nəzərlərini monastırın qapısına dikdi. Sanki kimi isə görmək istəyirdi. Gələn adamın üstünə atılmağa hazır dayandı.

Monastır rəisinin də bayırda həddindən çox yubandığını hiss edən it bərkdən hürməyə başladı. Bu, həyətdə oturanları, xüsusilə də qocanı narahat etdi. İtin hürməsindən yuxudan diksinib oyanmış qoca ətrafa baxmağa başladı. İtin ondan çox uzaqda olduğunu görüb, “Şeybub!” – deyə qışqıraraq onu yanına çağırdı. İt dərhal qaçıb qocaya yaxınlaşdı və onun barmaqlarını və qollarını yalamağa başladı. Qoca isə bundan xoşhal olub dedi:

– Necəsən, dostum, mənim yeganə həmdəmim!?… Bu gələn qonaqla necəsən? Deyəsən, öz adətinə görə onu heç xoşlamırsan?

Amir qocanın dediklərini eşidəndə fikir verdi ki, o, təmiz ərəb dilində danışır. İtini isə ərəblərin cahiliyyət dövründə öz itlərinə verdikləri adlardan biri ilə çağırır. Öz-özünə dedi: ”Qoca, deyəsən, ərəbdir. Görəsən, o kimdir? Niyə bu hala düşüb?”

Rahibin gecikdiyini görüb onun ardınca gedən monastır rəisi qapıda Amirgilin paltarına bənzəyən libas geyinmiş bir kişi ilə qarşılaşdı. Lakin onun sifətinin alalıq xəstəliyindən dümağ olduğunu görüb özünü bir az itirdi. Lakin kişinin də Amirgildən olduğunu, nədənsə, onlardan geri qaldığını və yalnız indi gəlib çıxdığını zənn etdi. Kişini salamlayıb dedi:

– Buyur, içəri keç. Dostların artıq iki saatdır ki, gəliblər.

İçəri daxil olan kişi monastır rəisinə susmağı işarə etdi və onları heç kəsin görməməsi üçün rəisi qapının arxasına çəkib pıçıltı ilə dedi:

– Mənim buraya gəlməyimi heç kəsə, xüsusilə də mənim dostlarım olduğunu zənn etdiyin o üç nəfərə demə! Burada böyük bir sirr vardır, vaxtı gələndə özüm sənə danışacağam. İndi isə məni tez elə bir otağa apar ki, heç kim görməsin və mənim orada olmağımdan heç kəs xəbər tutmasın. Bax, səni xəbərdar etdim, özündən muğayat ol. Dediyim həmin məsələ mövlamız əmirəlmöminin xəlifə ilə bağlıdır.

Monastırın rəisi qorxub duruxdu, sonra dərhal dedi:

– Mən istədiyin kimi edərəm. Əgər istəyirsənsə, mən o üç qonağı bu saat monastırdan çıxarım?

– Yox, çıxarma! Qoy istədikləri qədər qalsınlar, amma gözdə-qulaqda ol, mənim buraya gəlməyim barədə onların yanında heç nə danışma!

– Baş üstə! – dedi və qonağı həmin dəhlizin qapısından çıxarıb rahiblərin müxtəlif işlərlə – dərzilik, dülgərlik, dəmirçilik və digər sənətlərlə məşğul olduqları otaqlara daxil etdi. Qonaq bu iş yerlərinə nəzər salan kimi özünü Kufənin bəzi bazarlarına düşdüyünü zənn etdi. Burada işləyənlərin libaslarına baxanda daha da təəccübləndi. Çünki İraqdakı sənətkar rahiblərin də eyni ilə bu cür paltarda olduqlarını görmüşdü. Onlar cod tükdən toxunmuş və ya pambıq parçadan hazırlanmış uzun rahib köynəklərinin üstündən ağ keçi dərisindən biçilmiş önlük taxmışdılar. Bu rahiblər gecə-gündüz bu paltarlarda olur və işləyirlər. Onların canı bu paltarlardan yalnız xaçpərəst dini ayinlərini yerinə yetirərkən azad olur[7 - “Britaniya ensiklopediyası”. Müəllif.].

Monastırın rəisi qonağı kilsənin yanındakı xüsusi otağa gətirib çıxardı. Onu içəri ötürdü. Beynində isə ondan eşitdiklərini saf-çürük edirdi. Rəis bundan sonra daha monastırın həyətində tərk etdiyi qonaqların yanına qayıdıb onlarla birlikdə oturub söhbət etmək arzusunun olmadığını hiss etdi. Rahiblərdən birinə boş otaqlardan birini qonaqlar üçün hazırlamağı əmr etdi. Rahib qonaqları hazırlanmış otağa apardı və geri qayıtdı. Otaqda həsirdən başqa heç nə yox idi. Onlar qapını arxadan bağlayıb, yorulduqlarından dərhal həsirin üstünə çökdülər.




8. Mübahisə


Qonaqlardan ilk danışan Əbdürrəhman oldu. O, Amirə müraciətlə dedi:

– Mən deməmişdimmi ki, mənim ardımca gəlməyin. Sən bu diyara gəlməkdə səhv etmisən. Yenə də tək gəlsəydin, dərd yarı olardı. Sən isə üstəlik Səlmanı da özünlə gətirmisən. Bu da monastır rəisinin barəmizdə vurduğu eyhamlara gətirib çıxardı.

Amir sakitcə cavab verdi:

– Oğlum, dedim ki, səni qorumağı öhdəmə götürdüyümə görə arxanca buralara gəlmişəm. Axı, sən mənə oğul yerindəsən. Atan vəfat edəndə sənə qəyyum olmağımı vəsiyyət edib. Sənin belə bir təhlükəli işə başlamağını gördüm. Həm də o işi yad bir ölkədə, özü də təkbaşına görmək istədiyini biləndən sonra heç ola bilərdimi ki, ardınca gəlməyim?! Səlma isə sənə görə məndən daha çox həyəcan keçirir.

– Bəlkə Peyğəmbər aleyhis-səlamın ailəsinin intiqamını almaq və müsəlmanları bəladan xilas etmək kimi bir işi səfeh iş hesab edirsən?

Səlma sifətinə ciddilik və təmkin verib Əbdürrəhmanın sözünü kəsdi:

– Sənin həyata keçirmək üçün buraya gəldiyin iş çox müqəddəs işdir. O işi sən həyata keçirməsən, mən özüm yerinə yetirəcəyəm. Buna səndən çox mənim haqqım var. İnsanların rahatlığını təmin etmək məqsədilə öldürmək istədiyin o adam səndən çox mənə zülm edib. Onunla mənim aramda bir qan düşmənçiliyi vardır. Özün yaxşı bilirsən ki, onun atası mənim atamı qətlə yetirib. Özü də heç bir təqsiri olmadan öldürüb. O öz qəbiləsinin başçısı və ağsaqqalı Hucr Əl-Kindini qətlə yetirib. Nəyə görə öldürüb, təqsiri nə idi? Ona görə öldürüb ki, Hucr Peyğəmbər aleyhis-səlamın əmisi oğlu İmam Əlini lənətləməkdən qəti imtina edib. Bəli, bu Yəzid İmam Əlinin qətlinə görə olmasa da, Hucr ibn Adiyyin öldürülməsinə görə cəzasını almalıdır. Yəzid bu cinayətlərdən biri olmasa belə, o birisinə görə cəzalandırılmalıdır. Yəzid Allahın bəndələrinin işləri ilə məşğul olmayıb, vaxtını sərxoşluqda keçirdiyinə, it, meymun və pələnglərə təlim verdiyinə, əyyaşlıq etdiyinə, həftələrlə ovla məşğul olduğuna, vaxtını şeir deyib tənbur çalmaqla keçirdiyinə görə qətlə yetirilməlidir.[8 - Əl-Məsudi “Murucuz-zəhəb”, 2-ci hissə; İbn Əl-Əsir “Əl-Kamil fit-tarix”, 3-cü hissə; İbn Təbatəba “Əl-Fəxri fil-adabis-sultaniyyə val-duvalil-islamiyyə”; Əd-Dəmiri “Həyatul-həyəvan əl-kubra”. Müəllif.] Onu qətlə yetirmək özü şərəfli işdir. Lakin bu iş çox təhlükəli və çətin işdir. Sən buna müvəffəq ola bilməzsən, çünki sən adi bir adamsan. Yəzid isə xəlifədir, onu əyanları və mühafizəçiləri gecə-gündüz qoruyur. Sənə görə çox qorxuram. Eşitmişəm ki, lənətə gəlmiş Əbdürrəhman ibn Mülcəm İmam Əlini məscidin ortasında qətlə yetirməyə cəsarət etdi, amma ölümdən yaxa qurtara bilmədi. Sən niyə özünü belə bir təhlükəyə məruz qoyursan!?

Əbdürrəhman döşəmədə oturmuşdu. Səlmanın sözü bu yerə çatanda döşəmədən qalxdı, otaqda var-gəl etməyə başladı. Sir-sifətindən qıza çox diqqətlə qulaq asdığı hiss edilirdi. Səlma sözünü qurtaran kimi ona tərəf baxıb dedi:

– Səlma, dediklərinə diqqət yetir. Öz sözlərindən özün nəticə çıxar! Sən cavan bir qız ola-ola deyirsən ki, Yəzidi öldürmək özü şərəfli bir işdir. Bunu mən etməsəm, sən özün edəcəksən. Bəs mən necə bu işi həyata keçirməyə bilərəm!? Axı, bunu mənim bütün həyatım öhdəmə qoyub!

Səlma onun sözünü kəsdi:

– Heç vaxt “həyatım” demə! Qoy Allah özü səni şərdən qorusun. Bu iş məni əmim Amirlə birlikdə ardınca yola çıxıb, sənə çatmağa məcbur etmişdir. Sən Kufədən çıxanda Şam diyarının Dəməşq şəhərində Yəzidi qətlə yetirməyi qərara alıbsan. Bəs Yəzid kimdir? O, indi bütün müsəlmanların xəlifəsi deyilmi!? Hər bir işi açmaq və bağlamaq onun əlindədir. Onu əyanları və əsgərləri yaxşı qoruyurlar. Biz qorxduq ki, sən onun əlinə düşə bilərsən, ya da başına bir iş gələr, əlimiz sənə çatmaz. Onda biz neylərdik!? Ona görə də yanında olmaq arzusu ilə sənin arxanca gəldik ki, bəlkə sənə bir köməyimiz dəydi. Yəzidə gəlincə, mən o qətlə yetirilməyincə rahatlıq tapa bilmərəm. Əgər onun atası özündən sonra xəlifə seçməyi müsəlmanların şurasının ixtiyarına versəydi, bəlkə də biz belə bir cinayət törətmək niyyətindən xilas olardıq. Əgər o bunu etsəydi, sevimli rəhbərimiz, müsəlman gənclərinin başçısı İmam Hüseyn xəlifə seçilərdi, çünki buna onun hamıdan çox haqqı vardır. Lakin Müaviyə müsəlmanların arzusunun əksinə olaraq xəlifəliyi bu oğluna vəsiyyət etdi. Bu işdən necə imtina edə bilərik? Bundan əlavə, Müaviyə mənim atam Hucru vəhşicəsinə qətlə yetirmişdir. Sən Hucrun qətlinə görə qəzəblisən, çünki o sənin əmindir. Lakin o mənim atamdır, canımdır, qanımdır. Onu qətlə yetiriblər, mən heç onun üzünü də görməmişəm. Siz isə onun taleyini mənə lap bu yaxınlarda demisiniz. Mən lap kiçik yaşlarımdan səhrada bədəvilərin yanında böyümüşəm. Oynamaqdan, gülməkdən başqa bir işim olmayıb.[9 - Həmin dövrdə oturaq həyat keçirən ərəblər öz uşaqlarını hələ lap körpə ikən səhrada yaşayan bədəvilərə tapşırırdılar. Uşaqlar uzun müddət bədəvi ailələrində böyüyüb tərbiyə alırdılar. Tərcüməçi.] O vaxtacan mən elə bilirdim ki, atam Kufədədir. Adamlar isə atamı yada salanda onun qorxmazlığından, əzəmətindən ağzıdolusu danışırdılar. Arzulayırdım ki, böyüyəndən sonra gedib onu görəcəyəm, onunla fəxr edəcəyəm. Lakin birdən mənə dedilər ki, o, qətlə yetirilib.

Birdən qızı hıçqırıq tutdu, sözünə ara verdi. Sonra üzünü Amirə tutub dedi:

– Əmi, sən indiyədək onun qətlə yetirilməsinin təfsilatını mənə danışmamısan. Yaddan çıxarmayıbsansa, vəd eləmişdin ki, bu təfsilatı onun qəbri üstündə mənə danışacaqsan? Bir dəfə mənə demişdin ki, o, haradasa, bu yerlərin yaxınlığında dəfn edilmişdir. Onun qəbrinin yerini bilirsənmi?

Amir dərindən nəfəs alıb dedi:

– Bəli, qızım, onun qəbrinin yerini bilirəm. Zənnimcə, bu monastırın rəisi də bilir. Eşitmədinizmi, həmin dəhşətli qətli hələ də unutmadığını bildirdi.

Səlma cavab verdi:

– Bəli, bunu eşitdim. Mən bir şeyi çox yaxşı dərk edirəm ki, bizim buraya gəlməkdə məqsədimizi bu iş başa çatanadək heç kəs bilməməlidir.

Əbdürrəhman hələ də otaqda var-gəl edirdi. Başındakı uqalı çıxarıb kufiyyəni çiyinlərinə salmışdı. Gözlərini Səlmanın üzünə dikmişdi. Qızın çılğınlığına təəccüblə baxırdı. Səlma sözünü bu yerə çatdıranda Əbdürrəhman dedi:

– Səlma, sən mənim əmim qızısan, həm də nişanlımsan. Sən mənim həyatımsan, canımsan, ciyərimsən! Allah canına dəyməsin, amma bil ki, bax, burada – Mərcul-Əzrada dəfn edilmiş atanın intiqamını almasam, mən yaşamağa layiq deyiləm. Əgər buna nail olsam, mən səninəm, sən də mənimsən. Bunu valideynlərimiz hələ sağlıqlarında əhd-peyman ediblər. Əgər buna müvəffəq ola bilməsəm, həyatımın məhvinə heç təəssüf etməyəcəyəm.

Səlma səsinin başqalarının eşitməməsi üçün və həm də abır-həyasını saxlayıb dedi:

– Sənin həyatın mənim üçün ən əziz həyatdır. Allah göstərməmiş, sənə bir şey olsa, mənim yaşamağımın nə faydası ola bilər?! Gəlib burada sənə çatdığıma görə məni niyə qınayırsan? Əmimiz Amir isə bizə ata yerindədir. Bizdən ötrü bu dünyada çox şeydən əlini üzüb, çətinliklərdə bizə dayaq olubdur.

Amir isə qarşılarına qoyduqları işin təhlükəli olduğunu yaxşı qiymətləndirsə də, Səlmanın sözlərini və hərəkətlərini diqqətlə izləyirdi. O, gah Səlmaya, gah da Əbdürrəhmana baxır, Allahın bu iki gəncə bəxş etdiyi ruh yüksəkliyinə təəccüb edirdi.




9. Məqsəd aydınlaşır


Söhbətin gedişindən aydın oldu ki, Səlma buralarda – Mərcul-Əzrada qətlə yetirilmiş Hucr ibn Adiyyin qızıdır, Əbdürrəhman isə onun əmisi oğludur, həm də nişanlısıdır. Amir isə onların qəyyumudur. Əsas təfsilat isə bundan ibarətdir ki, Səlma Kufədə atasının qətlindən səkkiz il əvvəl anadan olmuşdur. Atası qızını əmizdirib böyütmək üçün o vaxtlar səhrada yaşayan Amirin arvadının öhdəsinə vermişdi. O dövrdə oturaq həyat keçirən ərəblər arasında belə bir adət var idi: kimin övladı doğulsaydı, onu böyüdüb ərsəyə çatdırmaq üçün səhrada yaşayan qadınlardan birinə verirdilər. Çünki səhrada hava təmiz, həyat tərzi sakit idi. Buna görə də onların övladları səhrada təmiz ruhda böyüyür və qüvvətli olurdular. Səlma səkkiz il Amirin himayəsində olmuş və atasını görməmişdir. Atası hicrətin 51-ci ilində bir dəstə adamla birlikdə Mərcul-Əzraya aparılanda anası çoxdan vəfat etmişdi. Atası isə son anlarda Amirə Səlmanı öz qızı kimi qəbul edib böyütməyi və yalnız Müaviyə ibn Əbu-Sufyan öldükdən sonra Əbdürrəhmana ərə verməyi tapşırmışdı. Səlma o vaxtdan əmisinin himayəsində qalıb böyümüşdü.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68336854) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


639-cu ildə Qüds şəhəri yaxınlığında yerləşən Əmvas kəndində baş vermiş taun zamanı 25 min nəfərədək adam ölmüşdür. Tərcüməçi.




2


“Əl-Xəvaric” İmam Əli ilə razılaşmayıb onun dəstəsindən xaric olanlara verilən addır. Tərcüməçi.




3


Səfiyəddin Əl-Bağdadi, “Mərasidul-ittila”, 2-ci hissə. Müəllif.




4


Səfiyəddin Əl-Bağdadi, “Mərasidul-ittila”, 1-ci hissə. Müəllif.




5


“Kufiyyə” İraqda, xüsusilə də Kufədə kişilərin başına örtdükləri başlıqdır. “Uqal” isə kufiyyənin üstündən qoyulan yun və ya ipək iplikdən sıx hörülmüş kəndirəbənzər dairəvi yoğun qaytandır. Tərcüməçi.




6


“Qamusul-İslam”. Müəllif. (Müəllifin romanı yazdığı vaxt belə bir lüğət mövcud deyildi və o bu lüğətin kim tərəfindən, nə vaxt və harada buraxıldığını göstərməmişdir. Çox ehtimal ki, o, Türkiyə leksikoqrafı Şəmsəddin Saminin “Qamusul-e`lam” ensiklopedik lüğətidir. Tərcüməçi).




7


“Britaniya ensiklopediyası”. Müəllif.




8


Əl-Məsudi “Murucuz-zəhəb”, 2-ci hissə; İbn Əl-Əsir “Əl-Kamil fit-tarix”, 3-cü hissə; İbn Təbatəba “Əl-Fəxri fil-adabis-sultaniyyə val-duvalil-islamiyyə”; Əd-Dəmiri “Həyatul-həyəvan əl-kubra”. Müəllif.




9


Həmin dövrdə oturaq həyat keçirən ərəblər öz uşaqlarını hələ lap körpə ikən səhrada yaşayan bədəvilərə tapşırırdılar. Uşaqlar uzun müddət bədəvi ailələrində böyüyüb tərbiyə alırdılar. Tərcüməçi.



Ərəb ədəbiyyatında tarixi roman janrının formalaşdırılmasında xüsusi rolu olan Curci Zeydan (1861-1914) məhəbbət və sədaqət rəmzi ola biləcək qəhrəmanlarını islam dininin yaranmasının ilk illərində baş vermiş hadisələrin, o cümlədən Kərbəla şəhidliyinin, içərisindən keçirərək bir-birinə qovuşdurur. Əsər, bir qədər sərbəst yozulsa da, tarixi faktlar və qeyri-adi vəziyyətlərlə zəngindir, maraqla oxunur və zamanının ruhunu oxucuya çatdırır. Min bir gecə nağıllarındakından heç də geri qalmayan sərgüzəştlərlə dolu, islam tarixinə hörülmüş məhəbbət romanı. Aleksandr Dümanın əsərlərinin xilafətin saray intriqaları, Mediçi üslubunda sui-qəsd və qətllərini təsvir edən ərəb analoqu. Eyni zamanda, Kərbəla düzündə İmam Hüseynin qətlini təsvir edəcək dərəcədə mötəbər bir əsər. Gənclər bu kitabı bir məhəbbət və sərgüzəşt romanı, yaşlılar isə islam dininin yaranmasının ilk illərinin xronikası kimi oxuya bilər.

Как скачать книгу - "Kərbəla dilbəri" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Kərbəla dilbəri" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Kərbəla dilbəri", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Kərbəla dilbəri»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Kərbəla dilbəri" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *