Книга - Sızanaq

a
A

Sızanaq
Zuleyxa NaEl


Müəllif ölkədə gender və sosial problemlərini, xəyanət, ildən-ilə artan boşanmaları, ailələrdə olan anlaşılmazlıqları, nəhayət problemlərlə üzləşərək, onlara tab gətirə bilməyib ayrılan cütlükləri və bunların nəticəsində əziyyət çəkən uşaqları, pozulan körpə psixologiyasını və digər bu kimi mövzuları əsas götürərək, “Sızanaq” əsərini yazıb. Əsər romantik, mistik hadisələrdən ibarətdir.

Müəllif romanında həmçinin satira, yumor, sarkazm kimi üslublardan istifadə edib. Qeyri-adi və dünya ədəbiyyatı praktikasında nadir hallarda istifadə olunan “roman daxilində roman” stili də “Sızanaq”-da yer alıb. Kitabda həmçinin eksklyuziv illyustrasiyalardan istifadə olunub.





Zuleyxa NaEl

Sızanaq. roman





Proloq və ya Ön söz


Hər insan əsl sevgini tapmaq istəyir. Sevgi özgəsində yox, bizim özümüzdədir və biz özümüz onu daxilimizdə oyadır, yaşadırıq.

Hisslərimizi bölüşdüyümüz həmdəmimiz olduqda bəşəriyyət bizim üçün böyük məna kəsb edir. Bəzən qeyri-adi görüşlər bizi gözləyir, amma çox vaxt biz özümüz onlardan qaçırıq. Bir qayda olaraq, bu görüşlər bizi uçurumun lap kənarında olanda, səbrimizin tükəndiyi zaman, ölmək və yenidən doğulmağa ehtiyac duyduğumuz an yaxalayır. Təsadüfdürmü? Yaxud hansısa müəmmalı qüvvələr tərəfindən bizim həyatımıza müdaxilədirmi? Bəlkə varlıqlarını subut etmək üçün bu qəribə görüşləri o müəmmalı məxluqlar özləri zərurətə çevirir.

Pərişan, darmadağın olub artıq itirəcəyimiz heç bir şeyin olmadığını anlayanda, ya da tam əksinə, həddindən artıq yaşantılarımızla sevindikdə taleyin naməlum tərəfləri bizə aşkar olur və biz kainatda yuvarlanan bir meteoridə bənzəyirik. Tale hər şeyi olanları sevmir. Buna görə də zaman-zaman insanları sınağa çəkir. Onun sınağı da kimlərisə həyatımıza dəng gətirməsidir. Bu kimsələrdən bəziləri bizi yenidən həyata qaytarır, ürəyimizdə sönməkdə olan həyat eşqini yenidən alışdırır. Bəziləri isə həyatımızda sızanaq kimi peyda olur. Özünə yer eliyir, sıxıb çıxartsaq canımız yanır, boş buraxsaq ətimizi çürütməyə başlayır. Əlimizi tez tərpədib o sızanaqdan canımızı qurtardıqsa, qazanırıq…

Eybi yoxdur, bir müddət canımız yanacaq, yarasının yeri ağrıyacaq, bəlkə izi də qalacaq, amma ən əsası odur ki, onu uzaqlaşdırmışıq. Təbii ki, buna əzm, səbr və iradə lazım olduğu kimi, sevgi dolu böyük ürək də lazımdır…

Özümüzə aid olana sahib çıxmağı bacarmalı, sevgimiz, sevdiyimiz üçün bəzən güzəşt etməli, bəzən səbr etməliyik. Bəzən bizim olanı bizdən qopartmağına heç kimə izn verməməliyik. Bəzən isə tam əksinə özümüzü bir dağ sanıb, bizdən qopan təpəyə əhəmiyyət verməməliyik.

Sevgi, eşq, məhəbbət… – necə adlanırsa-adlansın, fərqi yoxdur, bu duyğu öz sehri ilə ağlasığmaz ziddiyyət yaratmağa qadirdir.




Sızanaq

(roman)


İnsanın həyatında önəmli günlər qəribə bir həyəcanla keçir. Bu hiss gecədən səhərə kimi onun yuxusunu da ərşə çəkir. Səhər isə tam arxayınlıqla durub sevinc dolu baxışlarla dünyaya baxırsan. Dünya gözünə başqa çür görünür. Özünü gözəlliklərlə dolu təbiətdə uçan əlvan kəpənək, zirvələrdə qanad açan qartal kimi hiss eləyirsən. Uşaqlıqdan fikrində qurduğun, uydurduğun nağılın qəhrəmanına çevrilməksə insanda kainatın sehrlərlə dolu olduğuna inam yaradır. Böyüdükcə arzularını unudur, bəzən arzularından vaz keçir insan. Amma o arzular bir ömür boyu onunla yaşayır. Əgər günlərin birində insan arzusunun fərqinə varsa, onun hələ də həyata keçə biləcəyinə əminlik duysa, bax, o vaxt muradına çatmış olacaq. Arzuna nail olmanın həzzi və sevinci bambaşqadı.

O gün… O gün mənim də sevincimin həddi-hüdudu yox idi. Səhər oyandığım andan ürəyimin balaca bir sərçə kimi çırpındığını hiss eləyirdim. Mənə elə gəlirdi ki, ətrafimda olan hər kəs və hər şey mənim uğuruma sevinirdi. İlıq səhər günəşi o gün daha parlaq idi, daha çox istilik yayırdı yer üzünə. Çiçək açmış güllərdən ətrafa xoş ətir yayılırdı, sanki təbiət ətirlənmişdi. Eyvana çıxdım, günəşin şüaları saçlarımı sığalladı. Sinə dolusu nəfəs alıb ətrafa nəzər saldım. Dünya gözümdə işıqlı, rəngli idi, sanki bütün bunları bu vaxta qədər görməmişdim, duymamışdım… Yəqin ki, bütün bunlar insan ovqatının qəribəliyi idi.

Neçə gün idi ki, həyəcanla bu günü gözləyirdim. Nəşriyyatların birindən çox sərfəli təklif almışdım. Nəhayət ki, görüşdük, vəkilim sazişi gözdən keçirtdi, mən imzaladım. Sevincimi ərimlə bölüşmək üçün evə tələsirdim. Hərçənd onun üçün bütün bunlar əhəmiyyətli bir şey deyildi, mənim yazıya olan sevgimi bekar qalmış, uşaqsız qadının sərsəm sayıqlamaları kimi qəbul eliyirdi. Hətta ara-sıra mənə zarafatla dövrümüzün qabaqcıl tituluna işarə edərək: “Müğənni də olmadın ki, heç olmasa Xalq artisti adını alardım sənin üçün“ – deyərək, gülürdü.

Amma bu gün onun tikanlı zarafatları, mənim üçün öz mahiyyətini itirmişdi. Mağazaların birindən bir şüşə “Şardone”, bir şüşə “Merlot” və ərimin sevdiyi “Ekler” tortunu aldım. Heç rastlaşmadığım bir tıxacda idim. Sanki hansısa qüvvə yolumu kəsir, evə getməyimi istəmirdi. Şəhərin mərkəzi küçələrində tıxac yaratmış o sirrli qüvvə, məni əməlli başlı darıxdırmağa başlamışdı. Ayrı vaxt olsaydı, tıxaca əhəmiyyət verməzdim, amma indi ruhum sıxılırdı. Daxilimdə bir gərginlik, daralma hiss eliyirdim. Nəhayət, günorta tıxacından canımı qurtarmışdım. Könlümdə bir təlatüm var idi, o vaxt bunu səhərki həyəcan və yoldakı gərginlikdən olduğunu sanmışdım. Yol boyu ogünkü görüşü düşünərək evə çatdım.

Heç ağlıma gəlməz, yuxuma belə girməzdi ki, bir günün içində bir neçə hala düşəcəm. Hal dediyim ruhumun halıdır, sağlamlığımdan heç bir şikayətim yoxdur. Ağlıma gəlməyən başıma gəldi. Düşünməzdim ki, bir çoxlarının xəbərdarlığı bir gün həqiqət ola bilər. ”Başın daşa dəyəndə ağıllanarsan” – deyirdilər. Mənsə bütün varlığımla süfrəmdə oturub, mənimlə çörək kəsən, amma eyni zamanda həyatdakı yerimi tutmağa can atan adamı müdafiə eliyib, “O, elə adam deyil” – deyirdim. Sən demə, gec-tez yalanlar ifşa olur, sirrlər partlamış nar dənələri kimi səpələnirmiş. Bəlkə bütün olanların səbəbini, niyəsini soruşmalıydım? Bəlkə də yanınızda, sizinlə üzbəüz olsaydım, gözlərinizə baxıb tək bir sual verərdim: “Utanmadız?“ Görəsən, hansı davranışımla bu rəğbəti qazanmışdım? İnsanlığımlamı? Axı siz həyatımda ən güvəndiyim iki insandan idiz. İnsan necə də riyakar, necə də alçaq ruhlu və ucuz ləyaqətli ola bilərmiş!? Əfsus…

Mütəəssir olmuşam, heyrət içindəyəm. Eyni zamanda ruhumda boşluq var, sanki damarlarımda qan əvəzinə hava dolaşır. Sanki ağ ciyərlərim suyla dolub, ürəyim o qədər şişib ki, döş qəfəsimə sığışmayıb partlayacaq.

Yataq otağından gələn səsləri birinci mərtəbədən eşidirdim. Əlimdəkiləri masaya qoydum. Həyəcanla ikinci mərtəbəyə qalxdıqca iniltini daha yaxından eşitməyə başlayırdım. Səsləri az qala qulaqlarımı deşirdi, nəfəsim kəsilirdi. Səslərin kimlərə aid olduğunu anlayanda isə dünya başıma dağıldı. Ərim və rəfiqəm… Onlar yataq otağına elə pilləkanlardan soyuna-soyuna getmişdilər. Hər pilləkanda bir alt paltarı vardı. Nə gözəl mənzərə. Bravo!!! Neçə ildir evliyik, amma hələ bircə dəfə də olsun ərimin mənimlə belə fantaziyası olmamışdı. Pilləkanlarda kələm kimi soyula-soyula, daha dəqiq, soyuna-soyuna sevişmək. Özümdən asılı olmayaraq pilləkanları qalxaraq paltarları yığa-yığa otağımın qapısına gəlib çatdım. Əlimdəkiləri qapının ağzına atdım, əlimi cəftəyə uzadıb, qapını açmaq istədim, amma yox… Onların qarşısında alçalmaq istəmədim.

Onlar “son akkordlarını” vururdular. Ərimin bağırtısı lap ürəyimi bulandırdı. Bir anlıq özümü Henrixlə Diananın hoqqalarını izləyən Yekaterina Mediçi kimi hiss elədim. Hətta bu halda, bu yerdə belə fantaziyam məni rahat buraxmırdı. O an… O an nələr hiss etdiyimi yaza bilmirəm, bircə o yadımdadır ki, ürəyim bulanırdı. Tələsik evdən çıxdım, maşına oturdum, donmuş vəziyyətdə bir xeyli irəlilədikdən sonra maşını saxladım. Sanki xəyanət edən mənəm və məni görməsinlər deyə onlardan qaçıram. Adətən qadın xəyanətə uğrayanda ağlayar, üsyan edər… mənimsə gözümdə bir damla belə olsun yaş yox idi. Maşından düşüb, küçənin ortasında dəli kimi qəhqəhə çəkərək gülməyə başladım. Yoldan ötənlər mənə birtəhər baxırdılar. Deyəsən, heç kim vecimə deyildi. Mən gülürdüm. Nə qədər orda durdum, nə qədər güldün, bilmirəm. Amma bir də ayıldım ki, kimsə: “Xanım qız, yaman gülürsən, bəlkə ağladım səni?” – yanımda durmuş maşının içindən səsləndi. Heç özüm də bilmirəm, amma nədənsə maşına doğru iki-üç addım atdım. Birdən-birə nə elədiyimi dərk eliyib dayandım. İndi də yadıma salanda özüm-özümə inana bilmirəm. Nə yalan deyim, bir an ağlımdan keçdi ki, bəlkə… İntiqammı? Xəyanətmi? Nə idi məni buna vadar etmək istəyən? Bilmirəm… Amma yox, mən onlar kimi ləyaqətsiz deyiləm! Mənə yaraşmaz. Xəyanət eləmiş olsaydım da, özümə xəyanət edəcəkdim – öz şərəfimə, öz ləyaqətimə, bütün inandığım gözəlliklərə. Eləmədim! Onlar kimi çirkinləşmək, uçuzlaşmaq istəmədim. İnsan özü öz gözündən düşdükdə heç cür qalxa bilmir. Mən isə olduğum yerdə qalmaq istədim. Bəlkə də intiqam hissi şirin idi, amma daha sonra vicdanıma nə cavab verəcəkdim?!

Bəs xatirələrimdə qoruyub saxladığım nənələrimin sözləri necə olacaqdı? Axı hər dəfə saçlarıma tumar çəkəndə, saçlarımı darayıb hörəndə, qulağımda ömür boyu sırğa eləməyimi tapşırdıqları, mənə dedikləri dastanlara sığan öyüd-nəsihətləri var idi. Onlara xəyanət etmiş olmayacaqdım? Birinin ruhu məni bağışlayacaqdımı, o birisinin gözlərinə baxa biləcəkdimmi? Yox, əlbəttə, yox… Təkrar-təkrar onların sözləri qulaqlarımda cingildəyirdi. Yanaqlarımdakı “mirvari suyu” hərəkətə gəlmiş, ağlımdan keçən fikir məni xəcalət çəkməyə məcbur eləmişdi. Yanaqlarım pörtmüş, alnımda xırda tər damcıları yaranmışdı.

Maşının içindəki “centlmen”in üzünə gülə-gülə maşınıma minib ordan uzaqlaşdım. Düşündüm ki, oteldə gecələyim. Sabah verəcəyim qərarlar barəsində fikirləşmək üçün bu gecə tək qalmalıydım. Bu pazl kimi dağılmış, qarışıq fikirlərlə dolu beynimi toplamalıydım.

Hələ ki harda qalacağıma qərar vermədiyim üçün dəli adamlar kimi hara gedəcəyini bilməyərək, maşını yolun getdiyi səmtə sürürdüm. Ruhum sakitləşmək bilmirdi, daxilimdə bir vəhşi oyanmışdı. Bütün hirsimi maşından çıxırmış kimi döngələri sürətlə dönür, nə işarələrə fikir verirdim, nə də tanımadığım küçələrin çala-çuxuruna. Axmaq yeniyetmə kimi davranırdım. Heç mənə xas olan cəhət deyildi. Özümü tanımırdım o axşam. Bəlkə özümü elə indi tanımağa başlamışdım? Bəlkə elə bu vəhşi mən özüm idim, sadəcə onu etik qaydaların qurbanına çevirib çərçivəyə salmışdım? Xanımlığımdan, zərafətimdən istifadə eliyib o vəhşini əsir eləmişdim? Küçələri dolaşa-dolaşa mərkəzdən uzaqlaşmışdım. Bədbinliyin ağuşunda idim, yaşamaq istəmirdim, həyata marağım yox idi. Maşını yol kənarında saxlayıb pəncərələri açdım, nəfəsim kəsilirdi. Həmin an uşaqlıqda suda batmağımı xatırladım, o anda da nəfəsim eynən belə kəsilirdi. Suda çabalayaraq özümü xilas eləmək istəmişdim. Hər dəfə su məni hovuzun dibinə çəkdikdə mən təkan verib, yuxarı qalxmağa çalışırdım. Yeganə ümidim bulaqdan hovuza gələn su borusu idi. Nazik, bir əlimlə tuta biləcəyim qədər uzunluğu olan bir boru məndə tabe olmamağa, xilas olmağa inam yaratmışdı. Suyun altında onu görüb tutmaq istiyirdim, amma gah əlim çatmırdı, gah da əlim sürüşüb çıxırdı. Bir neçə cəhdin boşa çıxdığını görəndən sonra ölümə tabe olub, son anı gözləmişdim. Amma o anı da özümə yeni bir həyat kimi qəbul elətdirmişdim, çünki fikrimdə anama qovuşacaqdım. Uşaqkən anasız qalmağımla barışmırdım. Zaman-zaman onun yoxluğuna üsyan eliyirdim. Onun üçün çox darıxırdım. Artıq nə əllərim, nə ayaqlarım sözümə baxırdı, onlar sakit və hərəkətsiz idilər. Nəfəs ala bilmirdim, amma havaya heç ehtiyac da duymurdum. Tamamilə suyun üzünə qalxmış, hovuzun dibini görürdüm. Yavaş-yavaş huşumu itirirdim və bu özündəngetmədə qəribə bir həzz var idi. Bir neçə dəqiqə bundan öncə istəmədiyim bir haldan həzz almaq o qədər qəribə idi ki, artıq bu halıma sevinirdim. İndi anamın məni necə qarşılayacağını təsəvvür elədiyirdim. Qarşımda göz oxşayan mənzərələr canlanırdı ki, babam məni xilas eləyib yenidən həyata qaytarmışdı. Məni sudan çıxarıb hələ yaşadığımı görmüş, hönkür-hönkür ağlamışdı. Kiçik bacım hovuzdan səs gəldiyini eşidib, əvvəl elə bilib ki, ev quşlarından biri yenə hovuza düşüb. O, zənn etdiyi quşa kömək etmək üçün hovuza yaxınlaşıb və orda mənim çapaladığımı görəndə həşirlə babamı çağırmağa qaçıb. Bir neçə saniyə və ya bir neçə dəqiqə idi, dəqiq bilmirəm, heç kimi tanımamışdım. Üst-başı su içində, qara, iri gözləri yaşarmış babam o an mənim üçün məni ölməyə qoymayan müqəddəs bir varlıq idi. Bir anlıq məni o ölüm həzzindən ayırdığına, anama qovuşmama mane olmasına acığım tutsa da, özümə gəlib ciyər dolusu nəfəs aldıqdan sonra qayıtmağıma sevinmişdim. Həyata ikinci gəlişim idi. Bu hadisəni xatırlayıb dərk elədim ki, ölmək istəmirəm. Heç nəyə baxmayaraq, yaşamaq istəyirəm. Məni məhv eləmək, məni mənliyimdən uzaqlaşdırmaq istəyənlərin inadına özümdən çıxmamalı, özüm olmalıyam. Həyatın mənə verdiyi sınaqlara dözməli, özümə dönməliyəm…

Əks halda “Mən” adlandırdığım varlıq öz gözümdə o qədər kiçik olacaq ki, özüm belə ona hörmət eləməyəcəm. Özümü paramparça olmuş “Mən“i toplamağa məcbur elədim. Bu dəfə yanımda məni xilas edəcək kimsə yox idi. Dərin bir nəfəs alıb udlağımdakı qəhəri uddum və maşını işə saldım…

Hava çoxdan qaralmışdı. Saatın neçə olduğunu bilmirəm. Artıq otel otağındayam. Otaq olduqca rahat və zövqlü idi. O gülüş sindromu da artıq məni tərk etmişdi. Bilmirəm, bəklə də bu durum xəyanətin psixologiyamda anormalcasına olan təzahürü idi. Məncə, mən ağlamalı idim. Məncə, otağın qapısını açıb, ”rəfiqəmin” saçlarını yolub onu yerdə sürüməli, bəlkə də ərimin üzünə tüpürməliydim. Bəlkə də… bəlkə də…

Məncə, həmin an heç nə düşünmədən ilk ağlıma gələni eləməli idim ki, indi bu “bəlkə”lərlə özümü yormayım.

Mənim elədiyimi eliyən, çirkin bir ehtirasın səsinə qulaq asıb və qapıdan qayıdan neçə qadın var yer üzündə? Ümumiyyətlə, varmı görəsən?

Otağa girər-girməz elə qapıdaca paltarlarımı soyunmağa başladım. Vanna otağının qapısını açdım, isti bir vanna qəbulu bu donmuş ruha dərman kimi gələcəyindən əmin idim. Suyu açdım, su normal dərəcəyə çatınca, mən güzgünün önündə özümə baxırdım. Özümdən ixtiyarsız əllərim saçlarımı, üzümü tumarladı. Əllərim boynumdan çiyinlərimə sürüşdü, özümü qucaqladım. Sanki özümü əzizləyirdim. Hamar qarnım, incə belim balıq kimi əndamımı daha da gözəgəlimli göstərirdi. Baldırlarıma, ayağlarıma göz gəzdirdim. Mən mükəmmələm! Sadəcə fərqində olmamışam, mən ilahəyəm. Bircə gün belə olsun Yaradanın mənə bəxş etdiyi bu gözəlliklərlə öyünmədim. Amma içimdəki sual məni yeyib-bitirirdi: Axı niyə? Bu bədənə necə xəyanət etmək olardı? Mənim o gəlincikdən nəyim əksik idi? Bakının ən kübar, ən zəngin, ən yaraşıqlı kişiləri mənim bir gülüşümə dünyanı ayağlarım altına sərmək istiyərkən mənim ərim niyə qudurğanlıq elədi? Niyə məni o silikonlu, tatuajlı marionetə dəyişdi? Niyə? Məgər getdiyimiz ziyafətlərdə mənə dikilər baxışları görmürdü? Onlarla, yüzlərlə insanın nəfəs almadan, gözlərini qırpmadan baxmaqları diqqətindən kənarda qala bilməzdi axı?! Bütün yad baxışlardan qorunmaq üçün onun kölgəsinə dönməklə səhvmi eləmişdim? Bu məqamda ona dikilən baxışlarla hətta göz-gözə gəlməmək üçün baxışlarını belə qoruyan insanla bu cür davranmaq olardımı? Axı mən hər kəsdən, hər şeydən özümüzü, adımızı qoruyurdum.

Artıq vanna su ilə dolmuşdu. Suyu vanna köpüyü ilə köpükləndirib ehmallıca içinə girdim. Hiss edirdim ki, vannanın içindəki su belə bədənimə sarıldığı üçün sevinirdi. Suyun içində xeyli qalmağım xəyanətin tozunu məndən yuyub aparırdı sanki. Vanna otağından çıxdım. Çantamdan telefonumu götürdüm. Artıq neçə saat idi ki, telefonumu söndürmüşdüm. Telefonu yandırdım, ard-arda gələn zənglərin mesajları gəldi. Bilmirəm hansı üzlə, ancaq “rəfiqəmin” elədiyi zənglər ərimin elədiyi zənglərdən daha çox idi. Görəsən, nəyin açıqlamasını verməyə çalışacaqdılar? Eh insan, insan… Səhvləri barədə çox gec düşünüb peşman olur. Artıq onları düşünmək belə istəmirdim. Telefonu söndürüb, yenidən cantaya atdığım an gözümə qeyd dəftərçəm dəydi. Onu götürüb ən son qeydlərimə baxdım. Bir ay əvvəl yeni romanıma başlamaq həvəsindəydim, amma ərimin xarici qonaqlarına başım qarışdığından, şirkətində onu əvəz eləmək üçün günümün bir hissəsini ofisdə keçirdiyim-dən, həmişə olduği kimi, mənim planlarım elə kağız üzərində qalmışdı. İndi isə tamamilə azadam. Artıq “ailəmi” dibsiz bir quyuya atmışdım, daha doğrusu, özü ora düşmüşdü. Şirkətin problemləri isə artıq məni maraqlandırmırdı. Yeni qeydlərimi etdim. Sabah ilk işim əmlakçı ilə görüşüb dəniz kənarında kiçik bir ev kirayələmək, sonra isə bolluca bazarlıq eləmək olacaqdı.

Çox yorğun idim və yatmaq istəyirdim. Çarpayıya uzandım. Ərimdən ayrı qaldığım ilk gecə idi. İçimdə bir boşluq vardı. Hərçənd ki, yazıya olan sevgimi ələ salsa da, məni məsxərəyə qoysa da, mən onu sevirdim. Adətim üzrə sağ tərəfimdə uzandım. Ərimin əlini uzadıb məni axtaracağını, özünə tərəf çəkib qucaqlayacağını gözləyirdim sanki. Bütün olanların bir yalan, yuxu olmasını arzulayırdım. Onun toxunuşlarını yenidən hiss etmək istəyirdim. Yatağımda o tərəf bu tərəfə fırlanır, onsuzluğun necə ağır olduğunu hiss eliyirdim.

Darıxırdım… Bu darıxmaq ruhumu dar bir labirintə salıb, onu orda azdırmışdı. Yenidən qəhər boğazımı göynətdi, yerimdən qalxıb hirslə balışları çırpdım. Onları didib cırmağ istiyirdim. Çarpayının üstündəki mələfələrdə sanki tikan vardı. Balışları, mələfələri əzə-əzə yerə tulladım. Sanki onlarla vuruşurdum. Özümü sakitləşdirmək, darıxmamaqdan ötrü onun rəfiqəmə necə toxunmağını, onunla necə öpüşdüyünü təsəvvür elədim. Mənim sevdiyim insan başqa birinə toxunur, mənim olan o nəvazişlər başqa biri ilə paylaşılırdı. Qısqanclıq mənə güç gəldi, o artıq mənim deyil…

Boğazımdan zingiltiyə oxşayan bir səs çıxdı; üzü quylu özümü darmadağın olmuş çarpayının üstünə atdım. Özümü ələ almağa çalışsam da, bu asan deyildi. ”Dünyada ilk insan deyiləm ki, aldanmışam“ – fikrini beynimə yeritsəm də, rahat ola bilmirdim. İki bədəndə bir ruh idik, indi isə canımdan can, ruhumdan ruh qopmuşdu. O ölmüşdü. Çox pis idim. O an saçlarıma sığal cəkən olsaydı, qucağına sığınıb, hönkür-hönkür ağlayardım. Canımdakı ölmüş cana ağlayardım. Amma mən tək-tənhaydım. Bir otel otağında özü-özüylə, ölmüş hissləriylə…

Nə vaxt yuxuya getdiyimi bilmədim.

Səhər oyananda dəhşət içində idim. Gözlərimi açanda ilk olaraq harda olduğumu anlamadım. Bütün əzələlərim gərilmişdi. Nəbzim o qədər sürətlə vururdu ki, baxanda boyun damarımda nəbzin vurmağını görmək olardı. Əzgin, yorğun və sanki döyülmüş vəziyyətdə yuxudan ayıldım. Bütün vücudum sızıldayırdı. Beynim əmr verməkdə aciz idi. Başımı qazan boyda hiss edirdim. Çətin də olsa, artıq özümü toplamalıydım, belə davam eliyə bilməzdim. Özüm-özümə düşmən kəsilmişdim elə bil. Vanna otağında güzgüyə yaxınlaşıb şişmiş üz-gözümü gördükdə özümə iki şillə vurdum. Güzgüdən “Mən”ə baxaraq:

“Özünə gəl, gör nə gündəsən. İtə oxşatmısan özünü!” – sonra yanaqlarıma sığal çəkib: “Hər şey yaxşı olacaq, gözəlim. Özünə inan. Sən güclüsən” – dedim.

Bir anlıq dəli olduğumu sansam da, bu dəlilik mənə yaxşı təsir eləmişdi. Hələ bu vaxta qədər özümə nə şillə vurmuşdım, nə də özümlə belə ikinci biri kimi danışmışdım. Demə hərdən buna da ehtiyac olurmuş…

Dünən planlaşdırdığım işləri reallaşdırmaq üçün oteldən ayrıldım və ilk öncə əmlakçıya getdim. Əmlakçının mənə təklif elədiyi evlərdən biri lap ürəyimcə oldu. Bəyəndiyim evin bir aylıq kirayə haqqını ödəyib açarı götürdüm və alış-verişə getdim. Sırf evə qayıtmamaq üçün özümə bir neçə dəst paltar, məni idarə edəcək qədər ərzaq və romanımı sürətlə bitirmək üçün notbuk aldım.

Yol uzun idi, günəş gözlərimi deşirdi. Eynəyimi axtarırdım, birdən əlimə ərimlə çəkdirdiyim şəkil keçdi. Bir neçə saniyə şəklimizə baxdıqdan sonra onu əlimdə əzik-əzik elədim. Hirsim soyumadı, maşını saxlayıb şəkli xırda-xırda hissələrə bölüb tulladım. Məni qəhər boğdu. Gözümdən bir neçə damla yaş düşdü. Ona görə yox, ona verdiyim dəyərə görə. Ona olan inamıma, sevgimə, yaşanan gözəl illərimizə görə heyfisləndim. Sonra özümə acığım tutdu, çünki özümə söz vermişdim ki, hər şeyi unudacam və bu gündən həyatımın yeni səhifəsin açacam. Sevdiyim şəhəri, yuvamı, sevdiyim insanı, hər kəsi və hər şeyi könlümdən qoparıb, tərk edib gedirəm. Tərk olunmuş onlar oldu.

Çox vaxt qadınların ən qorxduğu şeydi yalqız qalması, tərk edilməsi, ona ehtiyacın olmadığını hiss etməsi, sevilmədiyini bilməsi, sevgisinin cavabsız qalması. Yalnız qadınmı bundan qorxur? Əlbətdə ki, yox!!! Hər bir insanın daxilində yaşanan hallardı bunlar. Kişi, yaxud qadın, cavan, ya da yaşlı fərqi yoxdur, zaman-zaman hər kəsin fikrindən keçən, hər kəsi qorxuya salan suallar, cavablar, sözlər, baxışlar, hərəkətlər, hisslər var.

Qadın gecələr evdə tək qalmaqdan, tək yatmaqdan qorxar. Bəzən qorxuların gizlədər. Bəzən ərk edib deyər, bəzən əzizlənmək üçün qorxularını bəhanə gətirər. Bəzən kişi qorxularının aşkar olunmasından utanar. Axı o, hər kəsin yanında özünü zirehli bir sərkərdə kimi göstərir. Düşünür ki, bu aciz qorxuların qarşısında acız qalmasını görən ona gülər, onu əzər. Heç sərkərdə də kimdənsə, nədənsə qorxarmı? Əsla! Ona görə də həmişə məğrur və qorxmaz görünmək lazımdır. Həmişə heykəl kimi, daş, buz kimi soyuq olmaq lazımdır. Ən dəhşətlisi odur ki, gündüzlər heykəl kimi görünən insanlar gecələr dərdlərini dörd divar və balışları ilə bölüşərlər. Yer üzündə heç kimin yox, yalnız dörd divar və yuxusuz gecələrinin həmdəmi olan balışı, onun əzablarından, qorxularından xəbərdar olar. Həqiqətən də yalnızlıq qorxuncdur, çox qorxunc. Ürəyindən nələrin keçdiyini, hansı hisslərin yaşandığını dilə gətirmək olmur. Amma mən bütün qorxularımın üstündən adlayıb yeni həyata başlayıram. Yeniliklərə, saflığa doğru gedirəm. Artıq özümə söz verdim, zamanımdan və sevgimdən heç kimə kredit verməyəcəm. Bu gündən ürəyimi sığortalayıram. Yadımdadı, maşında gedərkən özümə bərk-bərk söz vermişdim.

Bir neçə saat sonra məkana çatdım. Ev dedikləri qədər varmış. Bu ev daxilimdə mənə hakim kəsilmiş, heç də mənə rahatlıq vermiyən iniltiyə rəğmən, mənə həzin bir sevinc bəxş elədi.

Dənizin səsi, meşədən gələn sərin meh ruhumu oxşadı. Ətrafa nəzər saldıqca gözlərim də sevinirdi. Meşədə yaşılın bir neçə tonu, səmanın çəhrayı, ağ buludları, dənizin rəngdən-rəngə axışı, üfüqə baxdığca dənizdə bir neçə rəng görmək olardı. Sanki göy qurşağı dincəlmək üçün dənizdə uzanmışdı.

Qapını açıb evə girdim. Evdə sadəlik və sakitlik hökm sürürdü. Hər tərəf təmiz idi. İlk baxışdan bu ev mənə doğma gəldi, qəribə bir ab-hava bəxş elədi. Əşyalarımı yerləşdirdim. Artıq axşam düşmüşdü. Aclıq hiss elədim, özümə yüngülvari yemək hazırladım, yedim. Qəhvəmi dəmləyib, notbukumu və qeyd dəftərimi götürüb masaya oturdum. Notbuku yandırıb ilk cümləmi yazmağa başlamışdım ki, işıqlar söndü. Çox məyus oldum, qaranlıqdan qorxurdum, buna görə də əsəbləşdim. Telefonumun işığıyla fənər, şam, ya da lampa tapmaq ümidiylə, axtarışa başladım. Yataq otağını xeyli axtardım, mətbəx və qonaq otağını da ələk-vələk elədim, amma heç nə tapmadım. Yalnız bir otaq qalmışdı, otağa yaxınlaşıb qapını açmağa cəhd etdim, amma açılmadı. O biri otaqların açarıyla bu otağın qapısını açmaq istədim, yenə də cəhdim boşa çıxdı. Girişdəki çəkməcələri axtardım, nəhayət, bir açar tapdım. Bu otağın açarı idi, qapını açdım. Otağa daxil oldum. Otaq köhnə əşyalarla dolu idi. Rəflərdə səliqə ilə yığılmış kitabları toz basmışdı. Kitabların üstündə sanki mənim üçün qoyulmuş şam, şamdan və kibrit var idi. Bu təsadüfə çox sevindim. Dünəndən bəri axır ki, səmimi bir təbəssüm qondu üzümə. Şamı yandırdım, divarda kölgəmi görər-görməz kiçik dayımı xatırladım. Biz uşaqkən işıqlar sönəndə dayım lampa işığından divara düşən kölgələrlə bizi əyləndirirdi. Əlləri ilə müxtəlif heyvan fiqurları göstərir, onların səsini çıxarırdı. Bizim üçün kölgə teatrı düzəldirdi. Divarda gördüyümüz danışan, tərpənən heyvan gölgələrinə baxıb sevinir, gülürdük. Oyuna başımız elə qarışırdı ki, işıqlar yananda belə dayımın qurduğu nağılı sonuna çatdırmaq üçün işıqları söndürürdük. Çox gənc olmasına baxmayaraq, bacısının yadigarları olan iki balaca qızı güldürmək üçün əlindən gələni eliyirdi dayım. Hərdən uşaqlıqda duyduğum hisslər üçün çox darıxıram, hər kiçik bir şeyə sevinə bilən uşaq olmaq gözəldir. Səni güldürmək istəyən dayın da varsa, deməli, lap bəxtin gətirib. Otaqdan çıxmaq istəyirdim ki, gözüm alt rəfdə bir qovluğa sataşdı. Getmək istəsəm də, gedə bilmədim. Marağımı boğa bilməyib əyilib qovluğu götürdüm, döşəməyə oturub onu açdım, ordakı kağızlara baxmağa başladım.

Bu bir roman idi. Oxuduqca oxuyurdum, acgözlüklə romanın içinə düşmüşdüm. Təəssüf ki, roman yarımçıq idi. Bəlkə davamını taparam deyə şam işığında bir-bir rəfləri axtardım, amma əlimə heç nə keçmədi. Sanki kimsə mənə dedi ki, bu romanı mən tamamlamalıyam. Mən də bunu çox istədim. İşıqlar hələ də yanmamışdı, amma qonşu evlərin işıqlarının yandığı pəncərədən görünürdü. Bu da mənə çox hürküdücü və təəccüblü gəlirdi. Otağa girdiyim zaman ayağım nəyəsə dəydi, ağrıdan şirin bir sızıltı duyurdum, yenə də o qaraltıya ayağım dəyməsin deyə ehtiyatla keçmək istədim, şam işığında üstü parça ilə örtülmüş əşya mənə çap makinasını xatırlatdı. Fikrimdə “yox bir” desəm də, zənnimdə yanılmamışdım. Parçanı əşyanın üzərindən götürəndə onun həqiqətən çap makinası olması məni daha da həvəsə saldı. Bu azmış kimi hələ yanında çap üçün bir xeyli ağ vərəqlər də var idi. Sanki bu romanı tamamlamağım üçün hər şey əvvəlcədən planlaşdırılmışdı.

Elə ordaca makinanı masa üstünə qoyub yazmağa başladım. Bir xeyli yazdıqdan sonra yuxu mənə güc gəldi. Yazdıqlarımı səliqə ilə üst-üstə yığıb makinanın üstünə qoydum və yatmağa getdim.

Səhər yuxudan ayılıb həvəslə yazını davam etdirmək istədim. Makina olan otağa girdim, qəribə mənzərəylə üzləşdim. Gecə yazdığım vərəqləri səliqə ilə makinanın üstünə qoymuşdum, indi isə o vərəqlər əzilib otaqla bir olmuşdu. Qəribəsi də odur ki, qovluqdakı vərəqlər eyni səliqə ilə qoyduğum yerdə qalmışdı. Həyəcanlandım, qorxdum, tez otadan çıxdım. Özümü toplayıb düşündüm ki, yəqin ki, hansısa pəncərə açıq qalıb. Amma küləyin kağızı əzmək iqtidarında olmadığını yaxşı dərk edirdim, sadəcə belə düşünməklə, özümə təsəlli vermək istəyirdim. Bir az da həqiqətlə üz-üzə duranda özümdən şübhələnməyə başladım, bəlkə də yaşadığım travmanın təsirindən gecə “aygəzənlik” eliyib, yazdıqlarımı elə özüm bu vəziyyətə salmışam. Beynimdə bu hadisəyə bəraət qazandırmaq üçün heç nə uydura bilmədim, çünki realist insanam.

Bu hadisəni mistikaya yozan olsaydı, ona xeyli gülərdim. Gördüklərimin təsirindən çıxmaq üçün əynimi geyinib sahilə düşdüm. Orda xudmani, səliqəli restorana rast gəldim. Səhər yeməyimi dəniz qırağında etdim. Ləzzətli səhər yeməyindən sonra dəniz qırağında ayaqyalın gəzməyə başladım. Dəniz günəşin şüaları altında bərq vururdu. Narın qum uzaqdan elə parıldayırdı ki, elə bil üzərinə gümüşü zər səpmişdilər. Günəşin istisi, qumun nəm və sərin olması mənə qəribə ziddiyyətli əhval-ruhiyyə bəxş edirdi. Bir az sahildə gəzişib bura gəlməyimin əsas məqsədini özümə xatırladıb, evə doğru getdim. Hava xoş olduğuna görə yazıya eyvanda davam elədim. Dünən yazdıqlarımı yenidən yazmağa başladım, bir xeyli, iki-üç saat dayanmadan yazdım. Yazıya o qədər aludə olmuşdum ki, hətta saatı da unutmuşdum və olduğum məkanın fərqində belə deyildim. Günorta idi. Susuzluq hiss elədim. Su üçün mətbəxə keçdim. Bir şüşə su və bardaq götürdüm, eyvana qayıdıb su içə-içə yazıma davam elədim. Çox keçmədi ki, evdən səs eşitdim. Sanki nə isə şüşədən olan əşya yerə çırpıldı, sındı. Qonaq otağına gəldim, ətrafa göz gəzdirdim, mətbəxə baxdım, amma heç bir yerdə sınmış, qırılmış heç nə yox idi. Düşündüm ki, yəqin qulağıma səs gəlib. Eyvana qayıtdım. Dəhşət!!! Tüklərim biz-biz oldu. Kimsə mənimlə çox qorxunc zarafat eliyirdi. Mənim saatlar sərf elədiyim əməyimi məhv eləmişdi. Yazdığım kağızlar parça-parça olub, havada uçuşurdu. Artıq əmin idim ki, evdə kimsə var. Balkondan həyətə düşmək üçün pilləkanlar var idi. O qədər qorxmuşdum ki, ayaqyalın həyətə, oradan da birbaşa sahilə doğru qaçdım. Yaxınlıqda olan evlərin heç birinin həyətində adam görünmürdü. Ya hava bürkülü olduğundan hamı dincəlir, ya da ətrafda məndən başqa heç kim yox idi. Ümidlə sahilə qaçırdım ki, bəlkə balıqçılardan kimsə orda olar və mənə kömək edər. Tərslikdən balıqçılar da getmişdi. Bədənim əsim-əsim əsirdi. Uşaqlıqda nənəmin danışdığı halarvadılar yadıma düşdü. Nənəm deyirdi ki, cin nəslindən olan halarvadılar insanları aldadıb qaçırır və insanların olmadığı yerlərdə azdırırlar. İndi də mən özümü itirmişdim. Bəlkə də nənəmin dediyi halarvadılar doğurdan da mövcuddur? Bəlkə də onlar məni ələ salıb belə qorxudurlar? Bir az da belə davam etsəydi, qorxudan huşumu itirəcəkdim.

Uzaqdan bir nəfərin qayıqla sahilə yaxınlaşdığını gördüm. Qışqırıb adamı çağırmaq istəyirdim. Elə bil mən cağırmışammış kimi düz üzü mənə sarı gəlirdi. Çox sevindim, axır ki, bir insana rast gəldim, ona tərəf getdim. Şalvarı islanmasın deyə balağını qatlamışdı. Qayıqdan düşüb mənə doğru gəldi. Orta yaşlı, hündür boylu, saçları bir az ağarmış kişi idi. Adama yaxınlaşmaq istədim, amma nə fikirləşəcəyini düşünüb ayaq saxladım. Qərarsız dayanmışdım. Tərəddüd eləsəm də, qorxu mənə güc gəlmişdi və ona görə də çarəsizliyimi hiss eliyib qərara gəldim ki, ona yaxınlaşım.

– Mənə köməy eliyin.

O, təəccüblə mənə baxıb soruşdu:

– Nə baş verib? Mən əlimlə qaldığım evi göstərdim.

– Orda yaşayıram, iki gündü qəribə şeylər baş verir. İndi də evə kimsə girib. Görürlər ki, qadınam, tək qalıram… Zarafat eləməyə adam tapmırlar. Nolar, gedək, bir siz də baxın. Olar?

Yox desəydi, ona yalvaracaq qədər aciz idim. Həm ona elə “Olar?” dedim ki, adam bu yalvarış dolu səsə tab gətirə bilmədi. O gülümsəyərək başı ilə razılığını bildirdi. Evə gəldik. Bir-bir otaqlara baxdıq. Heç kim yox idi. Əlbət mənim yoxluğumdan istifadə edib aradan çıxıblar. Gözlənilməz qonağım, deyəsən, mənə inanmırdı. Başıma gələnləri ona şərh elədim. Mən danışdıqca onun üzündə qəribə təbəssüm əmələ gəlirdi. Mənim söhbətim bitər-bitməz adam gülümsəyərək dedi:

– Sizi əməlli-başlı qorxudublar ki. Yəqin yazdıqlarınızı bəyənməyiblər.

Mən cavab verməyərək sadəcə çiyinlərimi dartmaqla kifayətləndim. O, başıyla qovluğa işarə eliyib dedi:

– Bunları da siz yazmısız?

– Elə bu qovluğu deyirdim.

– Baxmaq olar?

– Buyurun, – qovluğu ona uzatdım. O, qovluğu götürüb sanki qoynuna sıxırmış kimi qucaqladı.

– Oxuya bilərəm?

– Əlbətdə. Siz oxuyun, mən çay gətirim. Əla növ Astara çayı almışam , müsibət dadı var, içdikcə-içmək istəyirsən, – mən qonağımı balkonda qoyub mətbəxə keçdim. Çay dəmlədim, özümə fincanda, qonağıma isə armudu stəkanda çay süzdüm, şirniyyatlı, limonlu çay dəstgahını siniyə yığdım. Nənəmin sözü olmasın, ”ədəb- ərkanlı, adımıza layiq” çay dəstgahı oldu. Qonağım mənə köməy eləmək üçün ayağa qalxdı, qovluğu oturacağın üstünə qoyub sinini götürdü. Mən sinidəkiləri masaya yığdım, oturduq. İkimiz də üzü dənizə oturmuşduq. Hava ilıq, küləksiz idi. Dənizdə tənbəl-tənbəl tərpənən ləpələr günəşin sönən şüaları altında nazlanırdı, dəniz almaz daşı kimi bərq vururdu. Qonağım mənə baxıb dedi:

– Bunu yazmaqda iddialısız?

– Məncə bunu eləməliyəm. Düşünürəm ki, heç nə səbəbsiz deyil. Mən bura gəlməliydim, bütün bu olanlar baş verməliydi. Yoo, mən bunu yazmalıyam, yazacam da.

– Hə… Heç nə səbəbsiz deyil. Bəs sonluğu necə, düşünmüsüz?

– Heç özüm də bilmirəm. Kaş bu yazıçını tanıyaydım. O, kim idi? Bunu necə bitirmək istəyirdi? Bütün bu olanlardan sonra çətinlik çəkirəm. Yazdıqlarımdan bir-iki səhifə salamat qalıb. Görürsüz?

O yenə gülümsəyərək dedi:

– Hə, görürəm, bunlar bəyənilib. Bəlkə mən də köməy eliyim?

Mən təəccüblə ona baxdım:

– Doğrudan? Ya zarafat eliyirsiz?

– Doğru sözümdü. Mən də nə vaxtsa bir-iki hekayə yazmışam. Həvəskar idim.

Ürəyimdə özüm-özümlə tərəddüd eləsəm də, qorxaq uşaq kimi onu çağırdığıma görə özümü qınasam da, nədənsə ona qarşı bir arxayınlıq hissi var idi ürəyimdə. Onun bu fikrinə çox sevinmişdim, tezliklə yenə tək qalacağmı xatırladıqca, qorxu hissi məni bürüyürdü. Sevincimi gizlədə bilmədim, özümdə bir canlanma, cəsarət hiss elədim.

– Əla olar. Əgər tələsmirsizsə, işiniz yoxdursa, sizi şam eləməyə dəvət eliyirəm. Mən yaxşı aşbazam. – Bu cümlələri isə sanki mən yox, sadəlövh, özünün sərbəstliyini sübut eləmək istəyən yeniyetmə bir qız deyirdi.

– Mən bu təklifə “hə” deyirəm.

Öz cəsarətimə heyran idim, onun razılığına həddsiz sevindim. Deyəsən, heç o, da məndən geri qalmırdı. Qonağımın təklifi ilə biz sahilə endik. Sahildə gəzişərək yazacağımız romanı müzakirə eliyir, ara-sıra da mən dəftərimdə qeydlər eliyirdim. Bəzən fikirlərimiz üst-üstə düşürdü, bəzən də mübahisə eliyirdik. Artıq “siz”dən “sən”ə keçmişdik.

Günəş dənizdə batırdı, onun qızartısı dənizi də qırmızıya boyamışdı. Üfüqdən meşə zolağına uzanan qırmızımtıl narıncı rəng meşənin firuzəyi rəngini boğub kölgədə qoymuş, onu öz sehrinə tabe eləmişdi. Sanki bu rənglər günəşin qürub edən şüaları deyil, dənizdən və meşədən üfüqə uzanan xınalı əllərdir. Baxdıqca təbiətin bu rəng oyunlarına valeh olurdum və bütün bunları gördüyüm, bu hissləri yaşaya bildiyim üçün xoşbəxt idim. Bizdən yüz metr aralıda, dənizin ortasına uzanan körpüdə balqçılar oturmuşdular. Kimi tilovu çəkib balığı qarmağdan çıxarır, kimi sakitçə oturub günəşin qürubunun yaratdığı ecazkar gözəlliyə tamaşa eliyir, kimi isə artıq istədiyi qədər balıq ovluyub deyə ovundan məmnun halda əşyalarını toplayır, ordan uzaqlaşırdı. Biz isə müzakirəmizi davam eliyərək, gəzə-gəzə balıqçılara yaxınlaşdıq. Birdən mənim şam yeməyi dəvətim yadıma düşdü. Qonağıma üzümü tutub dedim:

– Balıqnan aran necədi?

– Qəşəng.

– Onda burdan balıq alaq, gedək evə. Axı şam yeməyi söz vermişəm.

– Alaq da, nə deyirəm ki?!

Biz yaşlı adama yaxınlaşdıq, o, bizə balıq satmadı, bizi başqa birinin yanına göndərdi. Yaşlı kişi o adamı haylayıb uca səslə bağırdı:

– Həsən, ayy Həsən, sənə müştəri göndərirəm.

Biz Həsəndən balıq alıb evə yollandıq. Yol boyu ikimiz də susurduq. Onun nə düşündüyünü bilmirəm, amma mən fotoaparat götürmədiyimə görə özümü qınayırdım. Sahil boyu maraqlı kadrlar var idi. Uşaqların ətçəbala olub qumda oynamaları. Balıq ovlayanlar, iri və xırda balıqları ovlamaq üçün torlarını səliqəyə salan balıqçılar. Başlarında həsirdən papaqları, əyinlərində balağı çırmalanmış şalvarları, tərdən bozarmış və ləkəli köynəkləri ilə də öz işlərini həvəslə görürdülər. Ötüb-keçənlərə əhəmiyyət vermədən gündən yanmış, qaralmış əlləri ilə ustalıqla torların ilişmiş yerlərini açır, növbəti ova hazırlıq görürdülər. Balaca, bozarmış taxtadan qayıqlar çox xoşuma gəlmişdi. Məndən olsaydı, onları rənarəng rəngliyib naxışlarla işləyərdim. Sahil boyu al-əlvan qayıqlar maraqlı görünərdi, məncə. Əsməyə başlayan mehdən çəhrayı buludlar yavaş-yavaş hərəkə gəlmişdi. Biz də həyətə girdik, evə çatıb qapını açdım, mətbəxə keçdik. Qonağımın özünü rahat hiss eləməsi mənim xoşuma gəldi. Kimsə mənim yanımda sıxıldıqda mən də narahat oluram. Mətbəxdə çəkməcələrin birindən köhnə qəzet tapıb masanın üstünə sərdim. Digər çəkməcədən bıçaq götürdüm. Qonağımın əlindən, balıqları alıb təmizləmək istədim. O dedi:

– Təzə balıq çətin təmizlənir, bu işi mənə həvalə elə.

Qəzetləri, bıçağı və balıqları götürüb həyətə çıxdı. Mən də bir qab götürüb onun ardınca getdim. Hardansa bir taxta dikt parçası tapıb üstünə qəzetləri sərdi. Ustalıqla balıqları bir-bir təmızləyib başla rın kəsir, mənim gətirdiyim qaba yığırdı. Balıqları təmizləyib qurtardıq. Məmnun halda dedi:

– Balığlar hazır, aşbaz xanım, qalanı sizliydir.

Mən evə girib mətbəxə keçdim. O, həyətdə əllərini yuyub evə gəldi. Qonaq otağına keçib orda olan maqnitofonu yandırdı. Vaqif Mustafazadənin “Düşüncə”si səsləndi. Bu əsəri çox sevirdim. Balıqlar cızhacızla qızararkən mən soyuducudan narşərab, göyərti, limon çıxartdım. Boşqab, çəngəl-bıçağı siniyə qoyub limon doğradım. Boynumda qəribə bir üşütmə hiss elədim, arxaya boylandım, qonağım qapıya söykənib əli cibində, üzündən əskik olmayan mehriban təbəssümlə mənə baxırdı. Bir-birimizin varlığından məmnun halda hər ikimiz susurduq. Balkona çıxdım, masanın üstünə ağ kətan süfrə sərdim. Qonağım da əlində sini ilə gəlib sinidəkiləri süfrəyə düzməyə başladı. Mən mətbəxə keçdim, artıq qızarmış balıqları böyük boşqaba yığıb qayıtdım.

Bir tərəfim dəniz, bir tərəfim meşə, yaraşıqlı qonaqla şam eləmək varkən özümü şanslı biri sanmasaydım, axmaqlıq olardı. Bu axşam hər şey məni sevindirirdi. Qəribə idi, bu vaxta qədər yad baxışlardan qaçan mən, indi yad biri ilə şam eliyirəm. Bəlkə də bunu qəsdən eliyirdim, bilmirəm. Amma daxilimdə şirin bir intiqam hissi var idi. Deyəsən, bu sərbəstlik və cəsarətlə öz aləmimdə ərimdən intiqam alırdım. Çox axmaq bir fikirdə olduğumu anlayıb gözlərimi qonağımın üzündən qaçırtdım. Sükutu qonağım pozdu:

– Dediyin qədər varmışsan. Əlinin duzu var, çox ləzzətlidi.

Onun çəngəl-bıçağı kənara qoyub əllə yeməyi mənə lap ləzzət elədi. Ona baxıb mən də əllə yeməyə başladım. Amma həqiqətən də, əllə yeyilən yemək daha dadlı olurmuş, bu da mənim yeni kəşfim oldu. Yeməyimizi bitirdik, bərabər süfrəni yığışdırdıq. Yenə nəyə görəsə ərim yadıma düşdü. Neçə illik evliliyimizdə hələ bir dəfə olsun ərim mənimlə nə süfrə hazırlamış, nə də nədəsə mənə köməy eləmişdi. Bir neçə saat tanıdığım insandan bu qədər diqqət və qayğı görmək məni həm sevindirir, həm kövrəldir, həm də ürəyimdə qiptə hissi oyadırdı. Hətta ağlımdan belə bir fikir də keçdi: ”Görəsən, bu hansı bəxtəvərin əridir? Yəqin bir azdan gedəcək”.

Mən qabları yudum, çay hazırladım. Dərin bir sükut hökm sürürdü. Sükut -bəzən ölümü xatırladacaq qədər qorxunc, bəzən isə ruhun səsini eşitdirəcək qədər sehrlidir. Sükut… Sakitlik… Bəzən sükutdan çox qorxuram. Hətta evdə tək olduğum zamanlar belə dərin sükut məni qorxudurdu, evdə səs olsun deyə ya musiqiyə qulaq asırdım, ya da televizoru yandırıb heç baxmadığım verilişlərə belə o qədər səs verirdim ki, evin hansı küncündə olsam da, ordan gələn səsləri eşidim. İndi isə tam əksinə idi. Bu sükutda qəribə bir sehr var idi. Bu sakitlikdə ruhum rəqs eliyirdi. Birdən-birə sanki vicdanımla üz-üzə qaldım. ”Niyə bu adamın getməsin istəmirəm?” Sonra isə düşündüm: “Heç də pis adama oxşamır, ədəbli, danışığını və davranışını biləndi”. Sanki ikiləşmişdim, biri ağılsızlıq elədiyimi, digəri isə tamamilə haqlı olduğumu deyirdi. Daxilimdə onun tamamilə təhlükəsiz bir insan olduğuna əmin idim. Amma bəzən hisslərimiz bizi aldada da bilər. Yenə sükutu qonağım pozdu:

– Hə, yedik, içdik, indisə yazmağa başlayaq, xanım qız?

Bu sözlərə elə sevindim ki, özüm də fikir vermədən yerimdən hoppanıb əl çaldım və gülə-gülə soruşdum:

– Deməli, getmirsən?

O, danışmağa başlayanda elə bildim ki, indi sağollaşıb gedəcək, amma cümləsini bitirəndə uşaq kimi sevindim. Mənim reaksiyama o da ürəkdən güldü.

– O qədər plan qurmuşuq, hara gedirəm?! Sənə söz vermişəm, gərək əməl eliyim. Amma şərtim var, tənbəllik yoxdu, yazacaqsan. Oldu?

– Oldu.

– Sonra cığalçılıq eliyib yuxum gəldi demə! Yaxşı?

– Yaxşı.

Dediyi kimi də oldu. Sabahadək göz yummadıq, müzakirələr, mübahisələrlə, nəhayət, ortaq məxrəcə gəlib yazmağa başladıq.


* * *

Zakir mərkəzi küçələrin birində gəzişirdi. Aramla qar yağırdı. Axşam saat yeddi idi. Dükanların çoxu təzəcə bağlanmışdı. Küçələrdə əvvəlkitək qaynaşma yox idi, sanki hamı ertəsi günə güc toplamaq üçün istirahətə getmişdi. Bu küçələr həmişə cavanlarla dolu olurdu, müşahidə etməyə, hətta danışmağa belə kimlərsə olurdu. İndi isə küçədə çox az adam vardı. Yəqin həm havanın soyuqluğu, həm bayramqabağı olduğuna görə cavanların da başı bayram şənliklərinə qarışmışdı. İki il ərzində Zakir buraları çox sevmişdi. Evdə darıxanda, işləri yaxşı getməyəndə beləcə tək-tənha küçələri gəzişib Qala Divarlarının yanında saatlarla dayanır, fikrə dalırdı. Daha sonra İçərişəhəri ziyarət eləyirdi. Qala qapısından içəri keçər-keçməz dərin bir nəfəs alır, ciyərlərinə, beyninə İçərişəhərin havasını, qoxusunu çəkirdi. Onun üçün İçərişəhər bir məbədgahdır. Divarlardan tutmuş yerə döşənmiş daşlara qədər, hər bir daşın, hər bir kərpicın özünə məxsus bir hekayəsi, tarixçəsi var. Hərdən düşünürdü ki: ”Kaş bu daşlar danışa biləydi, nələr bilirlər, kimlərdən bilirlər, nələrə şahid olub bu daşlar, kimləri görüb bu küçələr, eyvandan-eyvana hansı həsrətlilər baxışıb, görəsən? Kimlər baxıb bu pəncərələrdən? Kimləri yola salıblar bu oymalı taxta qapılardan?”

Dekabrın sonu idi. Yeni il bayramı ərəfəsi. Artıq neçə ildi Zakir heç sevmədiyi bayram tətillərinin bitməsini səbirsizliklə gözlədiyi zaman idi. Sırf bu ab-havadan uzaqlaşmaq üçün şəhərdən qaçdığı günləri xatırladı. Uçqar kəndlərin birində, meşənin içində bir daxmada günlərlə, həftələrlə sivil həyatdan uzaq qalması bəlkə də yalnız elə onun ağlına gələrdi. Təbiətin sərt və acımasız qaydaları Zakir üçün əsl anti-depressant olmuşdu. Səhər tezdən yuxudan oyanar, daxmanın ətrafında qurumuş ağaclardan qırıb gətirər, sobanı alışdırardı. Çay hazırlayıb içər, termosunu qaynar su ilə doldurardı. Tüfəngini götürüb ova çıxardı. Çox vaxt dovşan, kəklik, çöl ördəyi ovlayırdı. Bir gün uğurlu ov olduğu halda başqa bir neçə gün bir ördəyə belə rast gəlmək olmurdu. Ona görə də Zakir həmişə ehtiyatını saxlayırdı. Ovunu gətirib təmizləyir, yeyəcəyini bişirir, qalanını isə yuyub dondurardı. Su dəymiş ət yarım saata buza dönürdü.

Əsl ovçular uğurlu ova, heç bir ümid olmadan belə, saatlarla ovlarını izləməkdən yorulmurlar. Bəlkə də bir çoxlarının genetik qan yaddaşlarının çağırışıdır bu?! Bəlkə də bununla təhlükənin həyəcanını yaşayaraq özlərini sınaqdan keçirmiş olurlar. Zakirin bir sevimli məşquliyyəti də meşədən və göl kənarından tapdığı maraqlı, qəribə ağac parçalarından nələrsə düzəltmək idi. Bəzən hava qaralana kimi meşədə, ya da çay qırağında gəzər, maraqlı ağac budaqları axtarardı. O, ocaq üçün odun, eyni zamanda özü üçün maraqlı oduncağlar yığardı. Uzun qış gecələrində ocağın çırthaçırtla yandığı vaxt lampa işığının gözəlliyində yığıb gətirdiyi oduncağlardan nələrsə düzəldərdi. Bəzən bir budağın üzərində saatlarla, günlərlə çalışardı. Nə isə alınanda uşaq kimi sevinər, alınmadıqda oduncağı ocağa atıb yandırardı. Sanki oduncaqlarla danışar, dərdləşərdi. Bəlkə də kimlərəsə aça bilmədiyi ürəyini onlara açardı. Ürəyinin atəşini, gözlərinin nurunu, əllərinin gücünü verərdi o oduncaqlara. Sonra isə alınan gözəlliyə saatlarla baxar, heyran olardı.

O gün yenə ova çıxmışdı. Amma çox qəribədir ki, rastına heç nə çıxmadı. Sanki bütün meşənin canlılarını hürküdüb qovmuşdular. Artıq gecə öz pərdəsini meşənin üstünə sərmişdi. Yalnız ulduzlar və bədirlənmiş ay görünürdü. Ay işığında meşədə yol getməyin bir başqa zövqü və xofu var. Yorğunluqdan asta-asta addımlayan Zakirin ayağları altında qalıb çırtıltı ilə sınan budaqların səsi meşədə qəribə əks-səda verirdi. Və elə bu dəm hardansa yaxınlıqdan bir səsə, hənirtiyə ayaq saxladı. Yox, hələ qorxmamışdı, amma qəribə bir üşütmə keçdi bədənindən. Astaca ətrafa daha həssaslıqla göz gəzdirmək üçün bir az əyildi. Və elə bu məqamda gözləri yaxında, cəmi on beş, iyirmi metirlikdə eyni ilə onun kimi çömbəlib oturan canavarın gözlərinə sataşdı. İlahi bir sükut. Sanki ağaclar da, yarpaqlar da, daşlar, yer, göy… hər şey bu canavarın baxışlarının tilsiminə düşmüşdü. Bir-birindən bir an belə ayrılmayan baxışlar. Birdən ona elə gəldi ki, artıq uzun, heç bitməyəcək bir zamandır ki, onlar bir-birlərindən gözlərini çəkmirdilər. Damarlarında qanı, hətta nəbzi, ürəyi də bu canavarın xofundan susmuşdu. Astaca əlini cibinə atdı, alışqan çıxardıb yandırdı… ətrafa yayılan zəif alovun işığı canavarı da bu sükutdan oyatdı… O durub üzünü çevirib getdi. Qəribədir, elə bil Zakirin ayağlarını da özü ilə aparmışdı o yalquzaq. Yerə əyləşdi. Siqaret çıxarıb yandırdı. Bir iki qullam çəkdikdən sonra , özündə güc tapıb ayağa qalxdı və "Getmək lazımdır" – deyib yola düzəldi. O gecənin tükürpədici vahiməsi hələ də onunla addımlıyırdı. Daxmasına çatanda gecə yarıdan keçmişdi. Yalquzaq çıxıb getmişdi, amma elə bil hələ də Zakirin ürəyində məskən salmışdı.


* * *

Gecədir. Xalid əlində nağıl kitabı Lalənin çarpayısının yanında oturub. Elmira qapıdan boylanıb sakit səslə:

– Yatdı? – soruşdu. Xalid başı ilə “hə” dedi. Elmira barmaqlarının ucunda otağa girdi, Lalənin üstünü örtdü. Əyilib Xalidin yanağından öpüb kitabı götürdü və rəfə qoydu. Xalid əyilib qızının üzündən öpdü və sakitçə otaqdan çıxdılar. Elmira mətbəxə keçdi, Xalid də onun ardınca. Elmira:

– Çaydan, sudan nəsə istəmirsən?

Xalid qımışdı:

– Çay, su yox, amma istədiyim nəsə var.

Elmira gözlərini süzdürüb və guya heç nə başa düşmürmüş kimi:

– Hə? Nə istiyirsən ki?

– Bir azdan deyərəm, getdim uzanmağa, gələndə su gətirərsən.

Xalid yataq otağına geçdi. Elmira dolçada su və bardaq götürüb yataq otağına gəldi. Xalid artıq uzanmışdı. Elmira dol-çayla bardağı kamodun üstünə qoyub soyunmağa başladı. O soyunduqca Xalid oğrun-oğrun onu izləyirdi. Elmira əlini uzadıb çarpayının üstündən pünyarını götürmək istəyəndə Xalid üstündən yorğanı atdı, onu qolundan tutub özünə doğru çəkdi. Elmira bir an içində özünü Xalidin qolları arasında buldu. Xeyli gülüşdülər, Elmira Xalidi azca özündən itələdi:

– Dəli, bəsdi.

– Nə var, dəli niyə oluram? Adam arvadını öpəndə dəli olur?

– Səninki öpmək deyil ki, elə bil pişik sərçə ovlayır.

– Neyniyim, işataham açıldı, ağ almaları yemək istədim.

Xalid əlini arvadın sinəsində gəzdirdi. Elmira Xalidin əlini tutub özündən uzaqlaşdırdı:

– Yaxşı, sən canın, yat.

Xalıd incimiş kimi:

– Ema bəsdi də, yata bilmirəm axı.

– Sabah. Bu gün olmaz.

– Niyə olmaz? Xəstələnmisən?

– Ooofff, sabah avulatsiya günüdü, ona görə də sabaha saxla.

– Eeeh… Bu hardan çıxdı? Sabah da burdayam da, ölmürəm ki.

– Niyə başa düşmürsən, hamilə qalmaq üçün ayda cəmi 2-3 uğurlu günümüz var. Özünü idarə eləməyi bacar.

– Mən maşın deyiləm. Neçə ildi sən mənə belə zülm eliyirsən. Gah hamilə qalmamaq üçün özünü gözlə, gah hamilə qalmaq üçün… Nə isə. İstəmədim heç, yat!

Xalid üzünü çevirdi. Bir az yerində qurdalansa da, yata bilmədi. Durub qonaq otağına keçdi, televizoru yandırıb divanda uzandı. Elmira pünyarını geyinib:

– Yekə kişidi, özünü uşaq kimi aparır. – mızıldanıb yatağına uzandı.

Xalid səhər dayənin erkən gələcəyini xatırlayıb televizoru söndürdü, yataq otağına qayıtdı. Elmira artıq yuxuya getmişdi. Onun qısa kəsilmiş kürən saçları üzünə tökülmüşdü. Xalid ona yaxınlaşıb saçlarını üzündən götürdü. Yatmış halda belə üzündə bir nazlanma var idi. O, yerinə girib Elmiranı arxadan qucaqladı, yuxulu da olsa Elmira, Xalidin gəldiyini bilib üzünü çevirdi, yanağından öpdü, qucağında yerini rahatlayıb və məmnun təbəssümlə dərin yuxuya getdi.

Səhər Lalə hamıdan tez oyanmışdı. Dayəsi ona səhər yeməyi verib hazırlığa aparmaq üçün əynini geyindirirdi. Lalə valideynlərinin yataq otağına girib çarpayıya tullandı, onları yuxudan oyatdı. Xalid narazı halda:

– Keçi, getməmisən hələ?

– İndi gedirəm, sizi öpüm sonra.

Elmira əsnəyərək:

– Yeganə xanım gəlib?

– Hə, gəlib, yeməyimi də yemişəm. Siz isə tənbəlsiz.

Xalid qızının hörüyünü dartışdırıb:

– Çəpış, bəsdi, get yoxsa gecikəcəksən.

Lalə başını qaşıyaraq:

– Ataaa, incidir axı.

Elmira gülümsəyib Xalidin əlinə yavaşca şillə vurdu. Laləni öpüb:

– Get qızım, atanın məktəb illəri yadına düşüb. Həmişə kimi çox istəyirdisə hörüyündən dartardı.

– Məni də çox istiyir?

– Hə, çəpiş, hə, çox istiyirəm.

Lalə atasını da öpüb çarpayıdan düşdü. Xalid Elmiranı bərk-bərk qucaqladı. Bayır qapının örtülməsi yataq otağında əks-səda verdi. Xalıd:

– Yüz faiz qapını Lalə örtdü.

Elmira gülümsədi:

– Kimin qızıdı? Atası kimi vəhşidi də.

– Hə? Mənəm vəhşi? Bura gəl görüm, indi gösrtərəm sənə vəhşi necə olur. – deyib, o arvadının üstündən yorğanı atdı, bir an içində onu qucaqladı. Elmira qəhqəhə çəkərək, ərinin qolları arasında məst olmuşdu…

Elmira mətbəxdə səhər yeməyi hazırlayırdı. Xalid hamamdan çıxıb qətfəyə büründü, başını dəsmalla qurulaya-qurulaya mətbəxə keçdi. Elmira tavadan boşqaba omlet qoyanda Xalid onu belindən qucaqlayıb boynundan öpdü.

– Mmm, dadlı iylər gəlir, nədi bu?

– Sənin sevdiyin ballı omlet.

– Bəh-bəh-bəh, arvad deyil ee, xalis qızıldı. Bilir kişiyə necə qulluq eləmək lazımdı.

Elmira başını yelləyib gülümsədi:

– Bəsdi, yaltaqlanma.

– Düz söz deyəndə adam yaltaq olmur. Əgər yalan desəydim, başqa məsələ.

– Çay süzüm, ya süd verim sənə?

– Çayı verərsən əzizlərinə, mən süd istiyirəm, amma dükan südü yox, mən…

– Eehh, dəli, bəsdi, sənin şitdiyinə vaxtım yoxdu. Bu gün gəlinlik paltarını hazırlamalıyam, işə tez getməliyəm.

– Hə, başa düşdüm. Yəni işdahamı yığışdırım. Nolar, yaxşı?! Onda mənə çay, maqazin südünü özünə saxla.

– Xəstəəəəə…


* * *

Atelyedə qızğın iş gedirdi. Ard-arda gəlinlik paltarlarının sifarişi heç kimi bir dəqiqə dincəlməyə qoymurdu. Elmira Nazaya göstərişlər verib atelyeyə daxil olan gənc qızları gülərüzlə qarşılayır:

– Buyurun, xanımlar.

Qızlardan biri:

– Mən ziyafət paltarı tikdirmək istəyirəm, dedilər, burda özümə uyğun tərz tapa bilərəm. Hazır paltarlarınız var?

– Hazır paltarlarımız var, baxmaq istəyirsizsə, buyurun, yuxarı qalxaq.

Elmira qızlarla birgə ikinci mərtəbəyə qalxır. Qızlardan biri manikenin üstündə olan şalvar və pencəkdən ibarət olan dəsti bəyənir. Üzünü Elmiraya tutub:

– Mən bunu geyinib baxa bilərəm?

– Əlbətdə. Buyurun, soyunma otağımız burdadı.

Elmira manikenin üzərindən dəsti çıxarıb qıza verdi. O biri qız:

– Burdakı paltarlar gözəldi, amma mən tikdirmək istəyirəm. Sizdə stilist var?

– Var. İstəsəz kataloqla seçə bilərsiz, ya da stilistimiz sizə istədiyiniz dəbdə paltar hazırlayar.

Kostyumu geyinən qız otaqdan çıxa-çıxa:

– Seva, bax, elə bil mənim üçün tikilib.

– Hə, əladı. Mən də istəyərdim bundan. Yenə varınızdı?

– Yox, elə birdənədi. Hər paltardan bir dənə hazırlıyırıq.

O biri qız gülə-gülə rəfiqəsinə:

– Öz aramızdı, səndə nə görürsən elə istiyirsən ha. Bəsdi.

– Az danış. Neyniyim, lap paxıllığım tutdu.

– Ay paxııııl.

Qızlar gülə-gülə birinci mərtəbəyə endilər. Elmira:

– Naza, gəl bu xanıma katoloqu göstər, ya da özünə uyğun nəsə bir şey çək. Sonra mənə yaxınlaşarsan.

Atelyeyə daimi müştərilərdən biri gəldi, Elmira qızları Nazayla qoyub ona yaxınlaşdı. Onlar elə ayaqüstü nə haqdasa söhbət edib, saqollaşdılar. Elmira müştərini yola salanda qapıda Zakirlə üz-üzə gəldi. Zakir Elmiranın işdə olduğunu görüb, sevincdən gözləri güldü:

– Ema xanım, salam. Nə yaxşı burdasız?

– Salam. Harda olmalıyam bəs, ay Zakir?

– Nə bilim, rəis adamsız. Həm də bu saatda burda olmurduz axı, ona görə dedim.

– Bu gün gəlinimiz var, özüm biçib-tikəcəm, inşallah.

– Bu dəfə əla parçalar almışam, birazdan gətirəcəklər.

– Haraları gəzdin? Axıncı dəfə Malaziyadan yazmışdın, necədi oralar?

– Baxır hansı bucaqdan, hansı gözlə və hansı niyyətlə soruşursuz.

– Hmm, sənnən də sözlər çıxır haa, yamansan. Yadıma düşmüşkən, kişilər bir aydı başımızı daha xarab eliyiblər. Sənin də əməlli başlı sifarişlərin var. Zalımlar elə bil səndən başqasın tanımırlar.

– Elə deməyin, hər kəsin özünün əvəzsiz bir ustası var. Mən də onlar üçün əvəzsizəm, nolsun ki, sizin yanınızda qum dənəsiyəm.

– Yaxşı-yaxşı. Gedib-gəlib lap dilli-diləvar olmusan. Gəl, danış, görək nə var, nə yox oralarda.

Onlar gülə-gülə atelyeyə girdilər. Bayaq gələn qızlar artıq gedirdilər. Onlar Elmirayla saqollaşıb çıxdılar. Naza, Səbinə və Aida Zakirlə görüşdülər. Elmira çay hazırlamaq üçün atelyenin mətbəxinə keçdi. Zakir əlindəki bağlamanı açıb, iş yoldaşlarına gətirdiyi hədiyyələri verdi. Masanın üstünə şirniyyatlar qoymuşdu ki, Elmira sinidə çayla gəldi. Elmiranın çay gətirdiyini görən Səbinə sinini onun əlindən alıb dedi:

– Ema xanım, neynirsiz? Deyin, mən gətirim də.

Zakir bağlamadan balaca bir qutu çıxardı:

– Ema xanım, bu da sizin üçün.

– Nə zəhmət çəkmisən, çox sağ ol.

– Zəhmət deyil, xoşdu.

– Sağ ol.

Artıq axşam idi, səhərdən başı işə qarışan Elmira xatırladı ki, bu gün Laləni baxçadan o götürməlidi. O, əlində açarlarla Zakirə yaxınlaşıb:

– Açarlar səndə qalsın, bəlkə mən birbaşa evə getdim, nəsə yaxşı deyiləm. İstəsən sonra gətirərsən, ya da sabah özün açarsan buranı.

– Yaxşı, Ema xanım. Nəsə köməy lazımdır? Rənginiz xoşuma gəlmir, bəlkə sizi aparım?

– Yox, narahat olma, keçib-gedər. Son bir neçə aydı belə küt ağrılar olur məndə. – Əlini ürəyinin üstünə qoydu.

– Ürəyinizdə problem var bəlkə?

– Bilmirəm, bir-iki günə gedib yoxlatdıracam, amma… Nəisə.. Mən gedim, uşaq gözləməsin məni.

– Yaxşı yol. Nəsə lazım olsa, zəng edin.

– Oldu, çox sağ ol. Elmira atelyedən çıxıb maşınına mindi, baxçaya tərəf yollandı. İşıqforda maşını saxlayanda sinəsindən kəskin ağrı qopdu. Sanki sağ tərəfdən sinəsinə qaynar su tökdülər. Ağrıdan gözləri yaşardı. Maşını idarə edə bilmədi. Bir neçə saniyə ağrıdan başını sükana söykəyib dişlərini sıxdı. Sürücülərdən biri ona yaxınlaşdı:

– Xanım, nəsə köməy lazımdı?

– Yox, çox sağ olun, artıq yaxşıyam. Özümə gəldim.

– Baxın da. Lazımdısa, həkim çağıraq.

– Yox, çox sağ olun. – Yoluna davam elədi. Ağrı sakitləşmişdi. Hərdən sızım-sızım sızıldayır və xırda sancılar olurdu, buna isə Elmira əhəmiyyət vermirdi. O artıq bağçaya çatmışdı, Lalə geyinib anasını gözləyirdi. Uşaq anasını görcək qışqırdı:

– Anam gəldi, – onun üstünə qaçdı. -Ana, hara gedəcəyik? Söz vermişdin sirkə aparacaqsan məni, gedək?

– Sirk sabah olacaq, bu gün evə gedirik. Bilirsən neyləyəcəyik?

– Nə? – küsülü kimi dodaqlarını büzdü.

– Şirniyyat bişirəcəyik, sənin sevdiyin biskvitli tort. İstiyirsən?

– Opa, opa, oppaaa, – sevindiyindən qışqıraraq yerində hoppanıb əllərini bir-birinə vurdu.

– Amma mikseri mən tutacam, yaxşı?

– Hə, yaxşı. Sən yol gedəndə özünü yaxşı apar, mən də mikseri sənə verim.

Lalə anasının əlindən tutdu, maşına doğru getdilər. Elmira ona baxıb gülümsəyərək ürəyində: “Çoxbilmiş, ifritoş balam” – dedi. Onlar evə çatdılar. Lalə otağında əynini dəyişib tez mətbəxə keçdi. Elmira soyuducudan ərzaqları çıxartdı. Lalənin əynini dəyişdiyini görüb:

– Əllərini yumusan? – dedi.

– Yoox, indi yuyaram.

– Tez ol, əllərini yu, gəl, götür mikseri.

Lalə hamama qaçıb əllərini yudu, tez anasının yanına gəldi. Oturacağın üstünə qalxıb mikseri anasından aldı. Anası ona dəstək olmaq üçün yanında durmuşdu. Ev telefonuna zəng gəldi, Elmira dəstəyi qaldırdı.

– Alo, hə, Xalid?

– Salam, neynirsiz? Bir azdan gəlirəm, nəsə lazımdı alım?

– Yox, heç nə alma, qızın tort hazırlayır.

– Bəh-bəh. Telefonu ona ver görüm.

Elmira dəstəyi Lalənin qulağına yaxınlaşdırdı. Mikserin səsinə güc gəlirmiş kimi Lalə qışqıra-qışqıra:

– Ata, tez gəl, bax, mən tort bişirirəm. – qulağını dəstəkdən çəkdi.

– Ayyy, həyasız qulağım batdı, qışqırma.

– Hə, eşitdin qızını? – Elmirə dilləndi.

– Səs səs deyil ee, elə bil qulağı kəsilən çəpişdi mələyir. – gülüşdülər.


* * *

Atelyedə heç kimin olmadığı üçün Zakir işıqları söndürüb stolüstü lampanı yandırdı, kompüterdə “Qadağandı” adlı papkanı açıb Elmiranın şəkillərinə baxmağa başladı. Sonra ayağa durub mətbəxə keçdi. Külqabı götürüb siqaret yandırdı, uzun-uzadı manitordakı şəklə baxdıqdan sonra kompüteri söndürdü.


* * *

Səhər Xalid Laləni bağçaya aparmağa hazırlaşırdı. Elmira onları yola salarkən qapıdan çıxanda Xalidə:

– Sən evə qayıdırsan, yoxsa hazırlaşım, orda görüşək? Xalid gözlərini qıyıb başını yellətdi:

– Harda? Harasa getməliydik ki?

– Unutmusan? Ananın il dönümüdü…

– Həəə, tamam yadımdan çıxmışdı. Yox, gözlə, gəlib səni də götürərəm, bir yerdə gedərik.

– Gələndə balaca lavaşlardan alarsan. Mən də sən gələnə kimi bir az halva çalım.

– Yaxşı, alaram.

Elmira Laləni yanağından öpüb dedi:

– Özünü yaxşı apar ha, dəcəllik eləmə. – onların ardınca əl elədi.

Qəbirstanlığa girərkən Elmira çantasından yaşıl örpəyi çıxarıb başına bağladı. Xalid anasının qəbir daşını silib təmizlədi. Gətirdikləri qərənfilləri sinə daşının üstünə qoyub fatihələni oxudular. Xalidin gözləri dolmuşdu:

– Öləndə çox əzab çəkdi, inşallah, indi yeri rahat olar. Onunla birgə mən də öldüm-dirildim. Allah bir də bizə əzizlərimizin itkisini göstərməsin.

– Allah rəhmət eləsin!

– Amin! – Xalid burnunu çəkdi.

Qəbirstanlıq – rahatlıq, sakitlik, ruhun hüzur tapdığı yer. Qonşu qəbirə qonan qarğa “qaaarrr” eliyib qanad çaldı və Xalidlə Elmiranın başının üstündən uçub getdi. Uzaqdan qatar səsi gəlirdi. Qəbirstanlıq yaşayış evlərinin yaxınlığında idi. Dirilər və Ölülər… Kimdir ölü, bu qəbistanlıqda, burdakı məzarlarda yatanlarmı? Yoxsa biz, özlərini diri sananlarmı? Həyatın sonunda olanlar bizik – dirilər. Onlar isə… Onlar isə yeni həyatın başlanacağını gözləyənlərdilər. Yeni həyatın astanasında olanlardılar…

Körpə ağlayır. Körpə səsi varsa, deməli, həyat var. Yenə qatar keçır… Elmirayla Xalid daşların üstündə oturub bir neçə dəqiqə qəbiristanlığa baxdılar. Xalid:

– Yüzlərcə qəbir var burda, yüzlərcə ruh. Bu qəbirlərin yalnız biri ziyarət olundu. İndi anam qonşularına deyir ki: “Oğlumla gəlinim ziyarətimə gəlib”. Sevinir yəqin.

– Ruhu şad olsun, inşallah!

– İnşallah!

Hava soyuq idi. Xalid xəyaldan ayılmış kimi:

– Dur, dur gedək, soyuq olacaq sənə.

– Yaxşı.

Onlar təpəni üzü yuxarı qalxdılar. Xalidin sözləri Elmiranın fantaziyasında canlandı. Ona elə gəldi ki, həqiqətən də bütün ölülər onları əhatəyə alıb hamı həsrətlə baxır, təkçə Xalidin anası sevinir, qonşularına nəsə deyir-gülür. Onlar getdikcə ruhlar onlara yol verir. “Ruhları eşidə bilsəydim nələr eşidərdim, görəsən? Bəlkə kiminsə əzizinə vacib sözü var?” Elmiranın bu fikirlərdən tükləri ürpəşdi. “Bismillah” deyib Xalidin qolundan yapışdı. Birdən ürəyi bulandı. Özünü bir ağacın dibinə çatdırıb qaytarmağa başladı. Xalid ona yaxınlaşıb:

– Noldu?

– Bilmirəm, ürəyim bulandı.

– Hmm. Tez deyil hələ?

– Bəsdi.

– Su gətirim?

– Hə.

Xalid maşından su gətirdi, Elmiranın əlinə tökdü, Elmira bir az üzünə su vurub özünə gəldi. Xalid onun qolundan tutub:

– Yaxşısan?

– Hə, bir az özümə gəldim.

– Gedək?

– Gedək.

– Noldu sənə birdən-birə?

– Bilmirəm, neçə gündü yaxşı deyiləm.

– Niyə həkimə getmirsən?

– Yazılmışam, üçüncü gün gedəcəm.

Maşına oturub yola düşdülər.


* * *

Xalid studiyaya gəlib çatanda Emil çəkilişə getməyə hazırlaşdığını bildirdi. O, kamera və fotoaparatı çantaya yığıb getdi. Xalid bu gün fotosessiya olub-olmayacağını dəqiqləşdirmək üçün iş masasının arxasına keçib qeydiyyat jurnalını gözdən keçirdi. Emilin apardığı qeydlərdən məlum olur ki, saat üçdə studiyada bir nəfərin fotosessiyası olmalıdır. Xalid stəkanına qəhvə töküb üzərinə dispensordan qaynar su əlavə elədi, qarışdırmağa başlayanda kriminal xəbərlər diqqətini cəlb elədi. “İt uşaqları it, vəhşi kimi sürürlər” – kanalı çevirdi. Heyvanlar aləmi haqda verilişi görcək kresloda yerini rahatlayıb verilişə baxa-baxa kompüterdə videorolik hazırlamaq istəyirdi ki, bir qız içəri girdi. Nazlana-nazlana dedi:

– Salam, Emil yoxdu ki?

– Salam. Yo, yoxdu, nəsə lazımdı ?

– Mən axı bu gün fotosessiya eləmək istəyirdim.

– Deyəsən, saat üçə yazılmısız?

– Hə, amma bilirsiz, üçdə işlərim olacaq, ona görə də tez gəldim.

– Eybi yox, keçin, şəkillərinizi mən çəkərəm.

– Aaa, nə yaxşı, siz də fotoqrafsız?

– Hə.

– Oyy, əla, onda mən hazırlaşım gəlirəm. Bağışlayın, mən harda…

– Hə, qarderob burdadı, keçin.

– Çox sağ olun, minnətdaram.

– Dəyməz. Qız əynini dəyişib gələndə Xalid artıq çəkiliş üçün fonu, işıqları, aparatı saxlamaq üçün üçayağı quraşdırmışdı. Qız nazlı ədalarla gəlib fonun qabağında durdu. Xalid:

– Azca irəli gəlin. İki addım.

– Gözəl düşmək üçün necə durmaq lazımdı?

– Sadəcə sərbəst olun və dediklərimi eliyin, qalan şeyləri mənim öhdəmə buraxın.

İşıqları yandırdı, fotoaparata yaxınlaşıb qızın şəkillərini çəkməyə başladı.


* * *

Elmira müayinə üçün klinikaya gəlib həkimin otağına girdi.

– Salam, Sevda xanım.

– Salam. Buyurun, keçin əyləşin, – müayinə əlcəyini geyinə-geyinə soruşdu: – Şikayətiniz nədir?

– Sağ döşümdə kəskin ağrılar var.

– Çoxdan ağrıyırsız?

– Hə, neçə aydı. Əvvəllər çox cüzi ağrılar olurdu, onu da menstruasiyayla əlaqələndirirdim. Amma indi ağrılara dözmək olmur, son vaxtlar döş dərisinin rəngində də dəyişiklik var.

– Hmm, bəs niyə belə səhlənkarlıq eliyirsiz? Açın, baxım.

Həkim ehtiyatla Elmiranın döşünə əl vurdu.

– Hmm, burda ələ gələn kütlə var.

– Bu çox qorxuludur?

– Analizlərin cavabını almadan heç nə deyə bilmərəm. Dəridə də rəng dəyişikliyi var. Uşağınız var?

– Bəli.

– Neçə yaşı var?

– Altı.

– Maşallah, böyükdü. Süd vermisiz ona?

– Hə, vermişəm. Bir yaşına qədər əmizdirmişəm.

Həkim telefonun dəstəyini götürüb düyməni basdı.

– Zəhmət olmasa, professor Qaraya deyin kabinetimə gəlsin, məsləhətinə ehtiyacım var.

Çox çəkmədi ki, professor otağa daxil oldu.

– Doktor, nə üçün məsləhət istəmişdiz? – professor eynəyini taxdı.

– Professor, zəhmət olmasa, buna baxın, – Sevda professora Elmiranın döşünü göstərdi. – Nə deyə bilərsiz?

– Həə… Hmm… Analizsiz heç nə. Məncə, qərar üçün tələsmək lazım deyil.

– Düşünürəm ki, həm mammoqrafiya, həm də biopsiyaya göndərim, siz necə bilirsiz?

– Hə, ancaq ondan sonra qərar vermək olar. Yaxşı, gedə bilərəm?

– Çox sağ olun, professor, buyurun. Sadəcə belə işlərdə tək qərar vermək çox çətindi… – Sevda professoru qapıyadək yola saldı. Onlar uzaqlaşdıqca nə danışdıqları eşidilmirdi. Elmira həkimin asta-asta professora nə isə dediyini və əlləri ilə izah etdiyini görürdü.

Elmira ilk dəfə idi ki, “biopsiya” sözünü eşidirdi. Mavi gözlərini iri açıb həkimə diqqətlə baxırdı. Həkim professor yola salıb, qayıtdı və işarə edib:

– Geyinə bilərsiz. – dedi.

Elmira yaxasını düymələyərək:

– Sevda xanım, bu biopsiya dediyiniz nədir?

– Biopsiya – süd vəzisi toxumasından nümunə alınıb uyğun şəraitdə dodurmaq, kəsilib boyandıqdan sonra mikroskop altında incələnmədir. Bu yolla əldə edilən diaqnoz histopatoloji diaqnozdur və süd vəzisi xərçənginin dəqiq diqnozunun tək yoludur.

– Onda, deməli, məndə döş xərçəngidi?

– Dəqiq deyə bilmərəm, analizlər alınmalı, cavablar gəlməlidir, daha sonra biləcəyik ki, dərdiniz nədir.

– Bəs bu necə olur? Biopsiya?

– Biopsiya iki yolla alına bilər: iynə biopsiyası və cərrahi biopsiya. İynə biopsiyası şübhəli sahə və ya kütlədən iynə köməyliyi ilə toxuma nümunəsinin alınmasıdır. Cərrahi biopsiya isə əməliyyatla şübhəli sahə və ya kütlənin tamamilə çıxarılmasıdır.

– Məndə hansını tətbiq edəcəksiz?

– Düşünürəm ki, birincini, ikinciyə bizim hələ ehtiyacımız yoxdur, ümid edirəm ki, heç olmayacaq da. Bəlkə də bu sadəcə kistadır. Hormonların yaratdığı fəsadlar çox vaxt ilk baxışdan bizi qorxudur, amma analizlər gəldikdən sonra görürük ki, vəziyyət bizim düşündüyümüz kimi qorxulu deyil, sadəcə bir yaramaz kista bizi əməlli başlı qorxudubmuş. Siz vaxtı çox uzatmayın, elə lap indi analizdən keçin.

– Ağrılıdı?

– Bu iş üçün xüsusi iynələr var, mütəxəssislərimiz pasientə heç bir ağrı vemədən asanlıqla biopsiyanı həyata keçirirlər. Narahat olmayın, heç nədən də qorxmayın.

– Bəs cavabları nə vaxt çıxar?

– Üç günlə bir həftə arası. Daha dəqiq bir həftəyə.

– Onda mən sabah gələrəm, bu gün hazır deyiləm.

– Yaxşı, amma çox uzatmayın, sabah səhər burda olun.

– Yaxşı, sağ olun.

– Sağ olun.

Elmiranın rəngi payız yarpağı kimi sap-sarı olmuşdı. Ayaqları ona o qədər ağır gəlirdi ki, sanki ayaq sümüklərinin içinə bürünc əridilib tökmüşdülər. Klinikanın dəhlizi ilə ağır-ağır addımılayırdı. Evə getmək istəmirdi, işə getməyə isə həvəsi qalmamışdı.

Klinikadan çıxdı, maşını elə klinikanın həyətində unudub piyada, heç özü də bilmədən harasa gedirdi. Fikri hava kimi çiskinli idi. Plaşına bürünmüş halda qollarını çarpazlayıb ayaqlarının onu apardığı səmtə gedirdi. Xəstəliyinin nə dərəcədə təhlükəli olduğunu düşünürdü: “Bəlkə xərçəngdi? Yəqin həkimlər məni qorxutmaq istəmirlər. Xalidə necə deyəcəm, yazıq dəli olar. Mənə bir şey olsa, Laləm necə olacaq? Offf.... Allah, bu nədi belə? Məni belə sınama”.

Gözləri doldu. Göz yaşları ağ bənizində çillərini yuya-yuya üzü aşağı axırdı. Narın-narın yağış yağırdı. Yol kənarında xan çinarların xəzan olmuş yarpaqlarından xalça sərilmişdi sanki. Yağışda islanmış yarpaqların rəngində belə bir həyat eşqi vardı. Onun getməyə taqəti qalmamışdı. O, qoca çinara yaxınlaşıb ağacın gövdəsinə söykəndi. Sanki ağacdan güc alırmış kimi əlləri ilə ağacın gövdəsini tumarladı. Ağacın gövdəsində məskən salmış mamır onun əllərini yaşıla boyadı. Bir xeyli belə qaldı. Yağış get-gedə güclənirdi. Deyəsən, az da olsa, Elmira özünə gəlmişdi. Ətrafına göz gəzdirdi, harda olduğunu bilmirdi. Əllərini mamırdan təmizləyib əlinin arxası ilə gözlərini sildi. Klinikaya qayıtmaq lazım idi. Amma hardan və necə qayıtmalı olduğunu bilmirdi. Elmira sanki tamamilə yad bir şəhərdə, ona tanış olmayan küçələrlə addımlayırdı. Birdən hardansa bir qadın peyda oldu. Qaraçı idi. O, düz Elmiranın üstünə gəlirdi. Küçədə onlardan savayı kimsə gözə dəymirdi. Qaraçı ona yaxınlaşıb rusça:

– Gəl falına baxım, ay qız.

– İstəmirəm, sağ ol.

– Görürəm pis xəbər eşitmisən. İstəsən deyərəm nələr olacaq?!

– Yox, isəmirəm, get burdan.

Amma ürəyində “bəlkə soruşum?” deyə düşündü.

– Soruş, soruş, hamısın düz deyəcəm. Bax, istəyirsən deyim ki, sənin bir qızın var, ərini sevirsən, o da səni sevir, amma ərin bu yaxınlarda sənə xəyanət eliyə bilər. Səni sevən bir nəfər də var, sənə görə həyatını verər. Bir az pul ver, deyim kimdi o. Yaxşı qazanırsan, simiclik eləmə.

– Yaxşı, pul verirəm sənə, amma məni rahat burax, get burdan, sənin de-diyin heç bir söz mənə maraqlı deyil.

– Eehh, sən korsan, burnunun ucundadı səni sevən adam, hər gün şam kimi əriyir səninçün, amma sən onu görmürsən.

Elmira çantasından pul qabını çıxartdı. Klinikada həyəcandan pulları, pul qabına necə basmışdısa, pullar əzik-əzik olmuşdular. Topa pulları götürdü, onları səliqəyə salıb qaraçıya pul vermək istəyirdi. Birdən qaraçı pulların arasından yüz dolları qamarlayıb götürdü. Elmira ona tərs-tərs baxıb:

– Neyləyirsən, dəli olmusan?

Qaraçı gülə-gülə pulu ovcunda əzdi və:

– Oop, bax, pul yoxdu. Əgər səsini çixarsan, səni lənətləyə bilərəm. Səni dəli eliyərəm, inanmırsan? İstiyirsən sənə quyruğumla buynuzumu göstərim?

Elmiranı əməlli başlı qorxu bürüdü.

– Rədd ol burdan, lənət olsun sənə.

– Həəə, bax belə. Qorxun bizdən, qorxun.

Qadın əcaib səslə dilləndi və gülə-gülə ordan uzaqlaşdı. Gəldiyi kimi də bir an içində gözdən itdi.

– Lənətə gələsən, bu nə gündü belə? Bu nə idi belə?

Qorxu Elmiraya güc gəlmişdi, o iti addımlarla ordan uzaqlaşmağa çalışırdı. Nəhayət ki, bir taksi gözünə dəydi. O, əl eliyib taksini saxlatdırdı, klinikaya sürdürdü.


* * *

Bir anlıq yazıdan gözümü çəkəndə gözüm mənə tuşlanmış baxışlara sataşdı. Qonağım divara söykənib mənə baxırdı. O, mənə yaxınlaşıb:

– Deyəsən, sən də qorxdun, hə?

– Hə, bir az.

– Ruhların varlığına inanırsan?

– Fizikaya əsaslansaq heç bir quvvə itmir, sadəcə formasını dəyişir deyə bilərik. Su buza, qara, buxara, dumana, buluda çevrildiyi kimi. Amma insan ruhunun aqibəti mənə qaranlıqdır. Məncə, bu çox qəliz və mübahisəli bir məsələdi. Amma nənəm hərdən “ruh tutmaq” haqqında danışırdı, ruhu götürmək üçün də xüsusi bir mərasım təşkil olunurdu.

– Hə? O necə olurdu?

– Bir dəfə yadımdadı, xalam baş ağrılarından şikayət eliyirdi, gün batandan sonra isə onun halı lap pisləşirdi. Deməli, əvvəlcə ruhu götürəcək adam bir kasada təmiz su doldurur, suya dualar oxuyur və “ruh tutmuş” adamla hərəsi bir tərəfdən işarə barmaqları ilə kasanı ikitərəfli qaldırırlar. “Ruh tutmuş” adamın ölənlərinin bir-bir adı çəkilir, hansı adda su tərpəndisə, deməli, adamı həmin ölünün ruhu tutub. Daha sonra ölüyə nə istədiyi haqda sual verilir: “Nə istiyirsən? – Və bir-bir adları çəkilir. – Yasin? Salavat? Halva?” Bunlara cavab olaraq su yenə də tərpənə bilər, ya da rəhmətlik heç kimi saymayıb suallarını cavabsız qoyar.

Qonağım qımışaraq:

– Paah. Əməlli-başlı iş gedibmiş ki…

– Hələ bu harasıdı? Əsas məqam hələ sonra gəlir, “ruh tutan“ adamı uzandırırlar, üstünə ağ mələfə salırlar, mələfənin üstündə pambiqdan adam fiquru düzəldib dualar oxuyur və pambığı yandırırlar. Bu həm də qorxunu alır. Bütün bunlar mənə həmişə gülməli gəlirdi.

– Hmm. Amma maraqlı mərasim olub. İndi necə, hələ də gülməlidi?

– Nə bilim? Başıma gəlmiyib axı, amma hərdən fantaziyadır da oynuyur, hoqqa çıxarır. Bəs səncə? Səncə ruhlar var?

– Məncə, var. Elə bax indi ikisi sənin başının üstündə dayanıb düz üzünə marıttıyıblar.

Mən ağzımı əyərək:

– Aayyy, elə demə.

– Nədi, qorxursan?

– Hə.

– Sən onların varlığına inanmırsan, niyə qorxursan?

– Başqa bir mövzun yoxdu?

Mən susuzluq hiss elədim, amma mətbəxə tək getməkdən qorxdum, ona görə də qonağıma:

– Gəl, gedək mətbəxə, çaydan, qəhvədən dəmləyək, gələk.

– Tək getməyə qorxursan? İstiyirsən sən qal, mən gətirim. O, gülə-gülə qapıya tərəf getdi.

– Yooox. Dayan. Mən burda tək qalmaqdan da qorxuram. Mən masadan qalxıb onun yanına qaçdım.


* * *

Qaraçıdan əcəldən qaçırmış kimi qaçıb özünü aldadılmış, ələsalınmış hiss edən Elmira klinikaya çatmışdı, taksinin pulunu ödəyib düşdü. Klinikanın həyətinə girib maşınına mindi və ordan da birbaşa evə gəldi. Yağış onu tamamilə islatmışdı, islanmış kürən saçları qırmızı gil rəngini xatırladırdı. O, evə girib vanna otağına keçdi, bədəni buza dönmüşdü, keyimişdi. Duşu açıb plaşını əynindən çıxarıb yerə tulladı, elə paltarlı özünü suyun altına atdı və isti suyun altında bədənini qızdırdı. O, özünə gəldikçə asta-asta paltarlarını soyunmağa başladı. Paltarlarını soyunduqca nifrətlə yerə atıb və hönkür-hönkür ağlayırdı.

Çimib hamam xalatını geyindi, başına dəsmal büküb hamamdan çıxdı. Gözü parketdəki su izlərinə sataşdı. Hamadan bir əski götürüb yeri sildi. Bayaq çıxarıb tulladığı paltarlarını isə toplayıb çirkli paltarlar üçün olan səbətə atdı. Özünü çox yorğun hiss edirdi, yatmaq istəyirdi. Ona elə gəlirdi ki, yatsa bütün olanlardan dəhşətli yuxu görmüş kimi ayılacaq və həyat əvvəlki axarında davam edəcək. “Bu gün baş verənlər dəhşətli yuxudu” – o, özünü inandırmağa çalışırdı. Yataq otaqına keçib yatağına girdi və dərin yuxuya getdi.


* * *

Atelyedə hamı öz işi ilə məşğul idi. Naza müştərilərlə maraqlanır, Səbinə nəsə biçir, Aida gəlinlik paltarına “svarovski” daşlarını düzüb bərkidirdi. Bircə Zakir özünə yer tapa bilmirdi. O, öz-özünə düşünürdü: ”Elmira çoxdan işdə olma idi. Görəsən, nə olub? Bəlkə zəng eliyim? Yooox, birdən əri yanında olar. Nə deyəcəm? Adama deməzlər ki, niyə zəng eləmisən? Adama deməzlər ki, ay it oğlu it, sənə nə var, xalxın arvadı işə gəlir ya yox? Müdürdü, kefi istəsə gələr, istəməsə yox”. O, həyətdə var-gəl edərək ard-arda siqaret çəkirdi. Çox narahat idi. Naza müştərilərin sifarişini götürüb onları yola saldı. Zakir daha dözə bilmirdi. O, Nazaya yaxınlaşıb:

– Naza, nəsə olub ki, mənim xəbərim yoxdu?

– Necə yəni nəsə olub? Kimə, mənə?

– Sənə yox, Ema xanıma nəsə olub ki, bu gün işdə deyil?

– Nə bilim, bəlkə havaya görə tənbəllik eliyib gəlməyə?

– Zəng vurub soruşmusan?

– Yox, indi zəng eliyərəm.

Naza jurnal masasının üstündən telefonunu götürüb Elmiraya zəng elədi. Telefon bir xeyli çağırdısa da, Elmira zəngə cavab vermədi.

– Yox, cavab vermir. Yəqin başı qızına qarışıb.

– Məgər uşağı bağçaya aparmırlar ki?

– Bəlkə bu gün aparmayıblar?!

Zakirin cəhdi boşa çıxdı, əlini havada yellədib: “Eeehh, nəisə” – dedi. Yenə həyətə çıxıb var-gəl eləməyə başladı. Bu gün əli işə yatmırdı. Amma axşama qədər təcili sifarişlə kostyumu hazırlamalı idi. O, içəri gəlib Aidaya yaxınlaşdı:

– Aida, işin çoxdu?

– Belə də, var. Nədi ki?

– Heç, nəsə əlim işə yatmır. Axşama bunları çatdırmaq lazımdı.

O, əlindəkiləri göstərdi.

– Neyləmək lazımdı?

– Pencəyin astarı tikilməlidi, şalvarlar isə beldən daralmalıdı. Ölçüləri hazırdı. Sonrada ütüləmək, təhvil vermək. Eliyərsən?

Aida mehribanlıqla:

– Eliyərəm. Neyniyək, day bir dənə Zakirimiz var, onun da sözünü yerə saldıqsa, noldu daha.

– Çox sağ ol, elə səndən də bir dənədi.

– Nolub bəs, niyə kefin yoxdu?

– Heç özüm də bilmirəm, nəsə yaxşı deyiləm. Sənə arxayınam ha, yaxşı?

– Yaxşı, narahat olma.

– Onda mən getdim, sağ ol.

– Salamat.

Zakir iti addımlarla ateleyedən çıxdı. Naza onun getdiyini görüb ardınca səsləndi. Zakir Nazanın səsini eşidirdi, amma onun çağırışına əhəmiyyət vermədi. O tələsirdi. Yağış küçədə gölməçələr yaratmışdı. Zakir nə ayaqlarının islandığına, nə də yağan yağışa fikir verir, tələsə-tələsə gedirdi.


* * *

Xalid Laləni qucağına alıb Elmiranı və özünü onlara hücum çəkmiş məxluqlardan qoruyarayaq qaçırdı. Xalidin əlində qılınca bənzər bir dəmir var. Hücum çəkən məxluqlar da əli yalın deyildilər, onlar da nizə və qılınclarla silahlanmışdılar. Bu əcaib məxluqlar sarı və qırmızı rəngdə, yarım metr hündürlükdə olan balaca şeytanlar idi. Onlar Elmiragilin üstünə silah çəkdikcə qəşş edib gülüşürdülər. Xalid tamamilə əldən düşmüşdü, Lalə ağlayırdı. Elmiragil bir dalana sıxışdırılmışdılar, qaçmağa yer yox idi. Xalidin qolunu qaldırmağa gücü qalmamışdı. Elmira onun əlindən qılıncı alıb hücuma keçmək istəyirdi ki, birdən şeytanlardan biri onu sinəsindən, sağ tərəfdən yaraladı. Onlar gülüşürlər, Elmira qılıncı əlindən salır. Nəfəsi daralırdı. Birdən hardansa zəng gəlir. Çətin də olsa, Elmira yuxudan ayılır, gələn zəng qapının zəngi idi. Elmira tər-su içində idi, başı ağrıyırdı. O, yatağından qalxıb qapıya tərəf getdi. Gözlükdən baxıb Zakiri gördü. Özünə əl gəzdirib, tez qapını açdı.

– Salam, nəsə olub?

Zakir onu xalatda görüb gözlərini onun üzündən qaçırtdı:

– Yox, narahat idim, bilmək istədim salamatçılıqdı, ya yox?

– Hələ ki salamatçılıqdı.

– Nəsə köməyim dəyərsə, çəkinməyin.

Bu vaxt Elmiranın telefonu zəng çaldı. Elmira asılqandan asılmış çantasından telefonu götürdü. Zəng edən Xalid idi.

– Alo.

– Ema, mənim işlərim var, bu gün dövlət tədbirinin çəkilişindəyəm, uşağı özün götür, mən catdırmıram.

– Hə, yaxşı.

– Sağ ol, öpürəm.

– Sağ ol, mən də.

Zakir hələ də qapıda idi. Elmira ona baxıb:

– Laləni bağçadan gətirə bilərsən? Mənim halım yaxşı deyil, Xalidin də işləri çıxıb. Zakir sevincək:

– Mənim gözüm üstə.

– İstiyirsən açarı verim, maşınla get.

– Yox, lazım deyil, taksiynən gedəcəm.

– Necə istiyirsən. Amma hələ tezdi, gəl bir stəkan çay iç, sonra gedərsən.

Bu təklifdən Zakir çox məmnun idi, amma içində qəribə bir hiss var idi. Və bu hiss onu təklifdən imtina eləməyə məcbur etdi.

– Yox, çox sağ olun, Ema xanım. Yolüstü bir işim var, onu da həll eləmiş olaram. Yaxşı, mən gedim. Hələlik.

Qapını bağlayıb pilləkanlardan enmək istəyirdi ki, birdən dayandı, qayıdıb qapının zəngini basdı. Elmira qapını açdı, Zakir pörtmüş halda:

– Heç soruşmadım, bağça hardadı?

– Elə bizim işin yanında.

– O yaşıl hasarlı olan?

– Hə.

– Oldu, getdim, hələlik.

– Çox sağ ol, Zakir.

– Dəyməz.

Elmira qapının kəndarında durmuşdu, Zakir pilləkanları iki-iki enməyə başladı.


* * *

Xalid tədbir keçiriləcək məkana gəlmişdi. Emil ilə bütün hazırlıqlarını görmüşdülər. O, Emilə yerdəki video kameranın çantasını göstərib:

– Belə şeyləri ayaq altına qoyma, yığışdır bunları burdan. Apar ver Eltona, qoysun bir yerə. Qoy, gəl yanıma, gedək bir tikə yemək yeyək, sonra gecəyə kimi ayaq üstə olacağıq.

– Yaxşı, indi gəlirəm. Amma anama zəng eliyim sonra.

– Nolub anana, yoxsa yenə ağrıları başlayıb?

– Hə, yağışlı havalarda belədi də.

– Hər şeyə çarə var, ürəyini sıxma, bizdə başlayarıq müalicəyə, düzələr.

– İnşallah!

– Məndən salam de.

– Baş üstə!

– Yaxşı, işində ol, gözləyirəm səni.

Xalid onlar üçün hazırlanmış masaya tərəf gedə-gedə dönüb Emilə baxdı. Emilin atası tez vəfat eləmişdi. Evin tək övladı idi. Anasını çox istəyirdi. Emilin anasının sağlığı üçün çabalarını gördükcə Xalid öz gəncliyini xatırlayırdı. Xalid də tək övlad idi, Emilin atasından fərqli olaraq onun atası vəfat etməmişdi. Arvadının xəstə olduğunu bildiyi gün evdən getmişdi. “İşləməyə gedirəm” deyib Rusiyaya getmiş və orda evlənmişdi. Xəstə anasına tələbə Xalid özü tək baxırdı. Bir il xəstə olan anası onun altı ayını yataq xəstəsi oldu. Xalid təhsilini də buraxmışdı. İlk aylar anasını evdə tək qoya bilirdi, amma gündən-günə anasının halı pisləşdiyindən artıq evdən də çıxa bilmirdi. Ana babasından qalma evi kirayə vermişdilər. Atası getdikdən sonra o evin kirayə pulu ilə iki ay anasına dərmanlar ala bildi; müalicə, müayinə xərclərini idarə elədi. Əməliyyat lazım olduqda atasına zəng elədi, atası ona “Mənim pulum yoxdu” cavabını verdikdə anasından xəbərsiz babadanqalma evi satdı, anasını əməliyyat elətdirdi. Həkimlərin dediyinə görə, hər şey yaxşıya doğru gedirdi. Anası düzəlirdi. Amma bir gün anasının ögümə səsinə oyanan Xalid hər şeyin heç də yaxşı olmadığını anladı. O, yatağından qalxıb anasının yanına qaçdı. Anası onu görüb əlindəki dəsmalla yerə tökülmüş yaşıl mayeni gizlətmək istədi. Xalid vanna otağından vedrədə su və əski gətirdi. Anasının etirazına baxmayaraq, döşəməni sildi. Su gətirib anasının əl-üzünü yudu. Artıq ən ağır günlər başlamışdı. Anasının yemək yeməyi zəifləmiş, çox arıqlamışdı. Artıq yataqdan qalxa da bilmirdi. Oğlunun onun altını dəyişməsi, onu yuması ona utanc gətirirdi. Xalid isə heç nəyə əhəmiyyət vermədən əlcəklərini geyinib anasını təmizləyirdi. Anası ağlaya- ağlaya ona nəsə deyəndə deyirdi:

– Yadındadı, mən həkim olmaq istiyirdim? Hesab elə ki, həkiməm, xəstəmsən, mən də sənə qulluq eliyirəm, vəssalam.

– Allah məni öldürsün, bu həkim işi deyil axı, ay bala.

– Sən həkimdən çox biləcəksən?

Ölümünə bir ay qalmış ərinin evdən getməyinə öz xəstəliyindən daha çox üzülən qadın, oğluna yük olmamaq üçün nə su içir, nə də yemək yeyirdi ki, tez ölsün. İki gün belə davam elədi. Xalid bunu anlayanda mətbəx bıçağı ilə gəlib anasının yanında dayandı, bıçağı udlağına dayayıb, əsəbindən ağlaya-ağlaya:

– Əgər dərmanları içməsən, yemək yeməsən, Allaha and olsun ki, yortacam boğazımı. Bu qədər tələsirsən mənnən canını qurtarmağa?

Anası Xalıdın sinidə gətirdiyi qaşığı götürdü və şorbaya əl uzatdı. Boşqabı qucağına qoyub şorbanı içməyə başladı. Anası yeməyini bitirib boşqabı siniyə qoydu. Sonra ögüməyə başladı, Xalid tez çarpayının yanındakı ləyəni anasının çənəsinin altına tutdu. Yenə yediyini qaytardı. Bu dəfə qan ilə birgə. Xalid ləyəni kənara qoyub anasının əl-üzünü nəm dəsmalla sildi, ona bir az su verdi və onu qucaqladı. Xalid göz yaşlarını saxlaya bilmədi.

– Nolar, belə eləmə, ana. Yaşa, mənə görə yaşa. Nolar, yaşa…

Anasının müalicəsi üçün əlindən gələni edirdi. Amma xərçəng bütün daxili orqanlara yayılmışdı. …onu xilas eləmək mümkün olmadı.

Emilin gəlişi Xalidi acı xatirələrindən ayırdı. Emil telefonuna işarə edib gülə-gülə dedi:

– Anam salam göndərdi, bildi hardayıq, dedi ki, mənim kabab payımı gələndə bişirtdirib isti-isti gətirin.

– Salam göndərən sağ olsun, gözümüz üstə. İndidən uşaqlara tapşır, saat 11 üçün səni buraxaram gedərsən.

– Ay sağ ol, onda gedim kababçıya tapşırım…

Xalid evə gələndə artıq gecəyarı idi. Lalənin otağına boylandı, ciyərparəsi mışıl-mışıl yatırdı. Astaca yataq otağının qapısını açıb içəri girdi. Elmira yatmışdı, əynini soyunub yatağına uzandı. Çox yorğun olduğundan uzanan kimi onu yuxu apardı.


* * *

Səhər Elmira telefon zənginə oyandı. Xalidin Emillə iş barəsində danışığı aydın eşidilirdi. Xalidin getməyə hazırlaşdığını anlayan Elmira cəld yerindən qalxdı. Artıq ayaqqabılarını geyinən Xalid, Elmiranı görüb dedi:

– Puaaah, naz-qəmzəyə bax, oyatdım səni?

– Sabahın xeyir, zəngə oyandım, hə.

– Bay, bay, bay. Bağışdiceysüz, xanım.

– Ləhçənə quzu kəsim, bağışladım. Tələsirsən?

Xalid ayaqqabılarını soyunaraq qımışdı:

– Belə də, nədi ki? İstiyirsən heç getmiyim?

Elmira guya Xalidin eyhamını anlamadı, sakitcə dedi:

– Yoo, get, eybi yoxdu. Amma axşam tez gəl də, nolar, vacib sözüm var.

Xalid Elmiraya yaxınlaşıb onu belindən qucaqladı, qulağına pıçıltı ilə dedi:

– Mənim çilli, kürən göyərçinim nə istiyir?

Elmira onu azca itələyib:

– Get işinlə məşqul ol, axşam gələrsən danışarıq. Sənin zarafatlarına heç halım yoxdu.

– Axşamı niyə gözləyək ki? Gəl söhbət eliyək, sənə qəşəng…

Elmira əsəbi halda Xalidin sözünü kəsib qolları arasından çıxdı.

– Eehh, bəsdi, sən canın.

– Nolub sənə? Tərs tərəfindən durmusan bu gün?

– Dünən sənə deyə bilmədim, həkimə getmişdim. Ürək bulanma, döş ağrılarıma görə.

Xalid gülərək:

– Aha, sonra?

– Sonrası odur ki, heç də biz gözlədiyimiz kimi deyil.

– Hamilə deyilsən?

– Yox.

– Bəs bu ağrılar, qusma nədəndi?

– Deyəsən, məndə pis xəstəlik var.

– Necə yəni pis xəstəlik?

– Bu həftə döşümdən analiz üçün toxuma götürməlidirlər.

Xalidin rəngi ağardı, dodaqları qupquru oldu. O, dəhlizdə ayaqqabı geyinmək üçün qoyulan tumbanın üstündə oturdu. Səsi boğula-boğula dedi:

– Nə gicdiyirsən səhər-səhər? Nə xəstəlik?

– Analizdən sonra xərçəng olub-olmadığı bilinəcək.

– Bu axmaq fikirləri kim doldurub sənin beyninə? Nə xərçəng, ay qız, dəli olmusan?

Elmiranın gözləri doldu:

– Neyniyim? Məgər mən istiyirdim ki, belə olsun?

– Nə olsun? Sən lap yüz faizlik eləmisən ha. Başın xarab olub ee sənin.

– Sənə də bir söz demək olmur.

– Bu sözdü? Sözdü dediyin? Səhər tezdən qanımı it qanına döndərirsən.

Elmira ağlayaraq:

– Bu həftə getməliyəm analiz üçün, istəyirəm yanımda olasan.

– Ooofff, Emaa, bəsdi!

– Xalid… mən qorxuram.

Xalid məyus halda ayağa qalxıb arvadına yaxınlaşdı, onu qucaqlayıb saclarını sığalladı:

– Gedərik, amma inan ki, səndə heç nə yoxdu. Sən sağlamsan, o ağrılar da özünü soyuğa vermisən, yəqin ondandı. Yadın-dadı, Laləni süddən təzə kəsmişdin, onda da döşündə şiş var idi, masajnan keçib getdi.

– Bu ağrı o ağrıdan deyil axı.

– Mənə qulaq as, ağlını axmaq fikirlərlə doldurma. Həkimlərə də elə anketlərini doldurmaq üçün xəstə lazımdı. Ağıllarına gələni deyirlər, özlərindən diaqnozlar uydururlar. Sən onlara fikir vermə, yaxşı? Hər şey yaxşı olacaq, oldu? Xalid Elmiranın gözlərini sildi. – Yaxşı, amma sən yanımda ol. – Yanında olacam, narahat olma. Sakitləş, gəl gedək balkona, bir az hava dəysin sənə. Cibindən dəsmalını çıxarıb Elmiraya uzatdı, – Al, burnunun suyunu sil.


* * *

Xalid fikirli – fikirli şəhərdə addımlayırdı. Uzaqdan gələn azan səsi onu səksəndirdi. O lap məscidin yanında idi, məscidin yuxarı qapısının önündə iki dilənçi dayanıb, səssizcə əllərini uzadıb məsum-məsum gəlib-gedənlərə baxırdılar. Xalid ayaq saxladı, darvazaya yaxınlaşıb dilənçilərə pul uzatdı, gözlərini minbərdəki azan verən axunduna zilləyib ürəyində: “Allah, məni eşidirsənsə, məndən xəbərin varsa… Səndən heç vaxt, heç nə istəməmişəm, indi isə birinci və axırıncı dəfədir ki, səndən nəisə istiyirəm: Laləmə rəhmin gəlsin, Elmirama dəymə. Yalvarıram sənə!” – dedi.

Onun burun pərdələri əsdi, gözləri qızardı, göz yaşlarını gizlətmək üçün gözlərini ovuşdurdu. Gözlərini yumub burnu ilə bir-iki dəfə nəfəs aldı və ağzından dərin bir nəfəs verdi. Bir neçə dəfə bunu təkrarladı. Elə bil nəyisə üfürür, bununla ruhuna qonmuş ağırlığı qovurdu.

Telefonu götürüb Elmiraya zəng elədi.


* * *

Elmira Laləni bağçadan götürüb atelyeyə gəlmişdi. Qızcığaz bir-bir kəsilmiş parçanı götürüb, üstünə tutub güzgünün qabağında o yana-bu yana fırlanırdı. Elmira qızının ərköyünlüyü görüb dedi:

– İndi Naza xala gələr canınçın. Apar onları qoy yerinə.

Lalə üz-gözünü büzdü:

– Axı mən moda göstərirəm.

Elmira gülümsədi:

– Axı sənə heç baxan da yoxdu, kimə göstərirsən? Hamı iş görür.

Lalə pərt olmuş halda işçilərə bir-bir nəzər saldı. Doğurdanda hamı nə iləsə məşğul idi. Bayaqdan ana-balanın söhbətinə diqqət kəsilən Zakir uzaqdan gülə-gülə onlara yaxınlaşdı:

– Mən baxıram, bayaqdan gözüm səndədi. Çox əladı, Lalə, – əlindəki ipək parçanı uzatdı: – Gəl, başına bir “bant” da vuraq, olacaqsan əsl model.

– Zakir əmi, model yox, modelyer. Özüm tikəcəm, sonra özüm də göstərəcəm.

– Hə də, əgər göstərəcəksənsə, deməli, həm də model olacaqsan.

– Yox, moda göstərəcəm, amma model olmayacam.

– Hə, lap yaxşı, nə deyirəm ki?!

Elmira başını yellədi:

– Bəxtəvər başıma! Nə isə, mən getdim otağıma. Əmi-bala söhbətinizi eləyin.

Elmira pilləkanlarla ikinci mərtəbəyə qalxanda Zakir əlindəki ipək, mavi şərfi Lalənin başına bağlaya-bağlaya Elmiranın ardınca baxırdı. Elmira otağına gəlib divanda uzandı. Üzü pəncərəyə olduğundan bayırda yağış yağdığını gördü. “Oturmuşuq içərdə, bayırdan xəbərimiz yoxdu. Gözəlliyə bax!” – düşündü.

Yağış pəncərədə süzülərək açdığı izlərlə sanki rəqs eləyirdi. Hər damla pəncərədə nə isə yazırdı. Hər damlanın öz füsünkar axarı vardı. Pəncərənin qabağındakı orxideya çiçəkləri tumurcuqlamışdı. O, təkliyə qapanan kimi yeni naxışlar üzərində işləyirdi, əvvəlcə naxışları kağız üzərində çəkir, sonra isə parçada tikirdi. Təkəlduz onun sevimli məşquliyyəti idi. Fikrini ilmələrdə cəmləyəndə o hər şeyi unudur və öz dünyasına dalırdı. Naxışlardan ibarət sirrli, sehrli və nağıl kimi dünyasında rahatlıq və sevinc tapırdı.


* * *

Hekayənin bu yerində yadıma öz güllərim düşdü, çox kövrəldim. Mən evdən çixanda tumurcuqlamışdılar, yəqin indiyə açmış olarlar. Qonağım əhvalımın dəyişdiyini həmin an hiss elədi. Oturacağın üstündən götürdüyü damalı, saçaqlı ədyalı mənim kürəyimə atdı:

– Sərinlədi. Şəhər uşağısan, soyuqlayarsan… Noldu birdən-birə, nə yadına düşdü ki, üzünə bulud qondu?

– Öz güllərimi xatırladım, mən evdən çıxanda onlar tumurcuqlamışdılar.

– İndiyə gül açarlar.

– Hə, çiçəkliyiblər yəqin.

Mən ağlamsınar təhər oldum.

– Bəlkə…

– Yox, əsla!

– Nə yox? Bildin nə deyəcəkdim?

– Hə, “bəlkə qayıdasan” deyəcəkdin.

– Puaay atonnanan, qız mənim fikrimi oxuyur ee! Qorxulusan, çox qorxulusan.

Qonağım qoca nənələr kimi əllərini baldırına vurdu, dizlərini ovuşdururmuş kimi əlləri ilə dizlərinə sığal çəkdi və ayağlarını o biri oturacağa uzatdı. Çox gülməli göründü. Gecənin bir aləmi – mənim belə kövrək anımda üzümü güldürməyi bacardı. Mən xəyalən evimi ziyarət etdim, mətbəximi, balkonlarımı, bağçamı, yataq otağından başqa bütün otaqları gəzdim. Nədənsə təkcə yataq otağının yanından ötüb keçəndə heç qapısının açıq vəya örtülü olduğunun fərqinə belə varmadım.

Yaşıllığı çox sevdiyimdən evdə mümkün olduğu qədər dibçəkdə ağaclar, güllər əkmişdim. Və birdən mənə elə gəldi ki, bitkilər küskündülər. Elə bil yarpaqları büzüşüblər, hətta tumurcuqlamış çiçəklər də açmaq istəmirlər. Ev isə boş, səssiz və qəmlidi. Bir anda evin xaraba surəti gözümdə canladı, ətim ürpəşdi və ürəyimdən nəsə qopdu sanki. Mən evimi çox sevirdim, axı onun bünövrədən başlamış dekor işlərinə qədər tikilib ərsəyə gəlməsində mənim də əziyyətim olmuşdu. Həm də hər şey mənim istəyim və zövqümlə hazırlanmışdı. Evim… Yuvam… Qalam… Bir quzğun tərəfindən dağıdılmış yuvam, bir azğın tərəfindən zəbt olunmuş qalam…

– Hə, harda qalmışdıq? – qonağımın səsi məni xəyalımdan ayırdı.


* * *

Lalə parçaların arasından ağ tül götürdü, bir ucunu düyünləyib, fata kimi düzəldib başına taxdı:

– Baxın, mən gəlin oldum. Zakir əmi, bax mənə.

Zakir onun yanağını dartdı:

– Tələsmə, şeytan, gəlin də olacağsan, hələ qaynana da.

– Mən gəlin şəkli çəkə bilirəm, – Lalə uşaqsayağı acıq verirmiş kimi, sözünü uzada-uzada cavab verdi.

– Onda sənə indi bir qələm, vərəq verim, çək. Gözlə, – Zakir masasına doğru addımladı.

Lalə uzaqdan ərköyüncə dedi:

– Mən təzə albom, təzə karandaş istiyirəm.

– Mən sənə öz albomumu verirəm, bax.

– Yox, istəmirəm. Təzəsini istiyirəm.

Zakir gülə-gülə dedi:

– Yaxşı, seytança, gözlə, indi gəlirəm.

O, çətiri götürüb qapıya tərəf yönəldi. Naza və Səbinə onun arxasınca səsləndilər:

– Biz desək nəsə al, almazsan.

– Yeyib itirənsiz, vallah! Nə istiyirsiz?

Naza:

– Sənnən əla ata olar, Allah haqqı.

Zakirin gözləri elə bil quyuya düşdü, rəngi bozardı:

– Mənnən nəinki ata, heç zibil də olmaz.

Səbinə:

– Almırsan da məni, özün kimi yaraşıqlı oğlan doğardım.

– Yaxşı, gijdəmə uşağın yanında. Nə alım gələndə?

Naza:

– Bir “pletka” acı şokolad, ancaq tarixinə mütləq bax.

Səbinə:

– Mənim üçün şorqoğal al. Səpmə olsun.

Zakir çox keçmədi ki, qayıtdı. Naza ilə Səbinənin sifarişlərini verib Laləni qucağına aldı və öz masasına oturtdu. Özü də oturacağı masaya yaxınlaşdırıb aldığı albom və karandaşları masanın üstünə qoydu. Lalə albomda cizgilər cızmağa başladı. Zakirin gözü yol çəkirmiş kimi gözlərini qırpmadan Laləyə baxırdı. O, qəribə bir sevgi və həsrətlə uşağı izləyirdi. Onun üz ifadəsini, əllərinin hərəkətlərini gözdən qoymurdu. Sanki uşağın hər ifadəsini, hər hərəkətini əzbərləməyə çalışırdı. Sanki illərdi övladına həsrət qalmış ata indi acgözlüklə balasını öyrənməyə cəhd edirdi. Zakir Laləyə baxdıqca yaş gözlərinə gəlir və qayıdırdı. Fikirləri ona əzab verirdi və öz dünyasında boğulurdu. O, gödəkçəsini götürüb Nazaya səsləndi:

– Uşaqda gözün olsun, gəlirəm indi.

– Yaxşı.

O, bayıra çıxıb siqaret yandırdı. Siqareti çəkə-çəkə göyə baxırdı. Göy üzü qapqara idi. Şiddətli yağış yağırdı, qara buludlardan məlum idi ki, yağış tezliklə kəsməyəcək, külək də əsmədiyindən bəlkə sabaha qədər yağacaqdı. Zakir siqareti çəkib bitirdi. Bir-iki addım irəli getdi və leysanın altında durub üzünü göyə qaldırdı. Yağış amansızca onun üzünə çırpılırdı. Bir neçə dəqiqə beləcə gözlərini yumub yağışın şillələrinə tabe oldu. Səbinə plaşını başına atıb, küçəyə çıxdı, Zakirə yaxınlaşıb uca səslə:

– Ay dəli, xəstələnəcəksən, keç içəri.

Zakir gözlərini açdı. Onun gözlərinin ağı qızarmışdı. Başı ilə qapı tərəfi göstərib:

– Sən get, gəlirəm.

– Sən öləsən, sənsiz gedən deyiləm. Lalə də özünü öldürür səninçün.

Zakirin üzünə xəfif bir təbəssüm qondu:

– Gedək, gedək.

Onlar atelyeyə qayıtdılar. Naza əlində dəsmalla Zakirin üstünə şığıdı və onun başını qurulaya-qurulaya:

– Evdə suyun gəlmir, deyəsən. Sabun da götürəydin də çıxanda.

– Gözdədim, sən gətirəsən.

Naza Zakirin başına yüngülcə qapaz vurub:

– Dur, get fenlə qurut saçını, bircə elə “miningitimiz” əskiydi.

Bayaqdan pəncərədən Zakirin yağış altındakı hərəkət və halına şahid olan Elmira otağından çıxıb onların yanına gəldi. Səbinə əlindəki yekə bardağı Zakirə uzadıb:

– Zoğallı çaydı, isti-isti iç, soyuq canına keçməsin.

– Məni su aparmaz, narahat olma.

– Bilirəm, pis adama heç nə olmur. Amma yenə də iç.

Zakir çaydan içə-içə Elmirayla Laləyə baxırdı. Səbinənin gözləri Zakirdə idi. Naza isə parçaları masadan toplaya-toplaya hamını süzürdü.


* * *

Xalid gənc qızın fotosessiyasını eləyirdi. Qız hər dəfə paltarını dəyişəndə növbəti paltarının biçimi əvvəlkindən daha “cəsarətli” olurdu. Qızın gənc, qüsursuz bədəninə geyindiyi hər paltar onu daha da cazibədar göstərirdi. Paltarları kimi göstərdiyi pozlar da iddialı və ehtiraslı idi. Fotosessiya iki saata yaxın idi ki, davam edirdi. Sonda qız yerə uzanıb:

– Ooff, yoruldum. Bəsdi daha. Nə qədər şəkil oldu?

– Üç yüzdən çox.

– Vauuv, əla. Sizin nə vaxt imkanınız olacaq, bilmirsiz? İstərdim bizə, bağa gələsiz, orda da bir az şəkil çəkək.

– Zəngləşərik.

– Olar. Yaxşı, gedim əynimi dəyişim. Yoruldum lap.

Qız gülə-gülə o biri otağa keçdi. Xalid fotoaparatdan kartı çıxarıb kompüterdə şəkillərə baxmağa başladı. O, disk götürmək üçün rəflərə yaxınlaşıb qayıtmaq istədiyi vaxt, az qala, qızla baş-başa dəyəcəkdi.

Xalid:

– Sən…

– Köməy eliyin də.

O, arxasını Xalidə çevirib:

– Bağlaya bilmədim, zəhmət olmasa…

Xalid əlindəki diski masaya qoyub qızın paltarının arxasını bağladı. Qara, dar paltarda düymələr beldən boyuna qədər sıralanmışdı. Xalidin əlləri əsirdi. Onun üçün qızın bu hərəkəti gözlənilməz oldu. Alnını xırda tər damlaları basdı. O, boğazını arıtdayaraq, diski kompüterə saldı və şəkilləri diskə yüklədi. Qız kompüterə yaxın əyilib:

– Bəs şəkillərə baxmayacağıq? Axı bir neçəsin çıxartdırıb çərçivəyə salmaq istəyirəm.

– Yaxşı, onu da eliyərik.

Qız ədalı-ədalı gülümsəyib:

– Zəhmət olmasa.

– İşimizdi, nə zəhmət?

Xalid nəsə götürmək bəhanəsi ilə masadan qalxdı və:

– Siz baxın, şəkillərdən hansın istəsəz, nömrəsini yazın, mən gəlib çıxar-daram.


* * *

Axşam atelyedə Zakir və Səbinədən başqa heç kim yox idi. Səbinə qəsdən sabah görəcəyi işlərə başlamışdı ki, Zakirlə baş-başa qalsın. Zakir bir deputat üçün hazırladığı kostyumu ütüləyib, səliqəylə çuxola keçirdib asdı. Səbinə isə altdan-altdan onu izləyirdi. Zakir işini bitirib Səbinəyə yaxınlaşdı:

– İşin çoxdu hələ?

– Yox, az qalıb. Nədi ki?

– Bəlkə sabaha saxlayasan?

– Tələsirsən harasa?

– Yox, yorğunam, evə gedib dincəlmək istəyirəm.

– Yaxşı, onda çıxaq.

Səbinə əlindəki parçaları yığıb rəfə qoydu. Plaşını, şərfini və çantasını götürüb hazırlaşa-hazırlaşa dedi:

– Bəlkə teatra gedək?

Zakir müraciətin ona ünvanlandığını anlamayaraq küt-küt Səbinəyə baxırdı. Səbinə əlini onun gözünün qabağında yellədərək:

– Eeeyy, səninləyəm.

Zakir elə bil yuxudan ayıldı:

– Hə, nədi?

– Sən, deyəsən, ayaq üstə yatırsan, nolub sənə?

– Yorğunam, Səbiş. Nə deyirdin ki?

– Deyirdim bəlkə teatra, ya kinoya gedək?

– İncimə, halım yoxdur. Başqa vaxt gedərik, yaxşı?

– Mən səndən nə vaxt incimişəm ki? Yaxşı, necə istiyirsən.

– Çox sağ ol.

– Sən də sağ ol, getdim mən.

– Qaranlıqdı, gözlə, yola salım .

– Yox, yorğunsan, get evə. Özüm gedərəm.

Səbinə qapıdan çıxdı. Zakir onun ardınca çıxıb:

– Bəs inciməmişdin?

Səbinə arxaya dönmədən əlini yellətdi. Zakir onun arxasınca baxa-baxa öz-özünə:

– Mən adam deyiləm ki, xalis eşşəyəm.


* * *

Lalə mətbəxdəki divanda oturub gəlinciyi ilə oynayırdı. Elmira əynində hamam xalatı, başı dəsmalla bağlı hamamdan çıxdı. Soyuducudan yeməyi çıxarıb qazın üstünə qoydu. Çörəy doğramaq üçün bıçaq götürdü. Lalə anasının süfrə hazırladığını görüb:

– Ana, mən də salat eliyim?

– İstiyirsən elə.

Lalə oyuncağını divanda qoyub, soyuducudan salat üçün yuyulub qaba yığılmış tərəvəz və göyərtiləri götürdü. Anası ona tərəvəzləri doğramaq üçün taxta və bıçaq, salat üçün isə dərin şüşə qab verdi. O, fərəhlə qızına baxırdı. Lalə balaca əlləri ilə taxtanın üstündə xiyar, pomidor doğradı, bibərə çatanda:

– Ana, bunu necə təmizləyirdin?

Elmira bibərin saplağını içəri salıb dartdı, saplağı tumları ilə bərabər çıxdı.

– Bax, belə. Al, indi doğra.

Lalə həvəslə işinə davam elədi. Sıra göyərtilərə çatanda qızcığaz yenə nazlana-nazlana boynunu büküb:

– Anaa…

– Ay can…

– Göyərtiləri sən doğra da, sürüşürlər, doğraya bilmirəm.

– Yaxşı, onda sən boşqab, çəngəl düz.

Elmira göyərtiləri doğrayıb bitirmişdi ki, koridordan Xalidin səsi gəldi:

– Atanı heç kim qarşılamıyacaq? Hə, qızlar?

Lalə atasının səsini eşıdıb:

– Atam gəldi, atam gəldi, – deyib mətbəxdən koridora qaçdı. Atasının qucağına tullanıb onun boynunu qucaqladı. Xalid qızını oynada-oynada mətbəxə keçdi, Elmira ilə öpüşüb görüşdülər. Masada əyri-üyrü doğranmış tərəvəzlərdən salatı görüb:

– Bəəh-bəh-bəh. Bu nə gözəl salatdı belə, bunu kim hazırlayıb?

Lalənin sevindiyindən səsi titrədi, əllərini yuxarı qaldırıb

– Mən, mən hazırlamışam.

– Maşallah, mənim qızım salat da hazırlayır, afərin. Yeyək, baxaq.

O, salatdan çəngəllə götürüb çeynəyib yedikdən sonra:

– Bəh-bəh-bəh. Necə ləzzətlidi, mənə də öyrədərsən?

– Hə, öyrədərəm.

– Ema, səndə nə var, nə yox? İşdə vəziyyət necədi?

– Salamatçılıqdı, şükür.

– Getmişdin işə?

– Hə, getdim, amma heç işdiyə bilmədim.

– Niyə?

– Nə bilim? Nə halım var idi, nə də istəyim.

– Ürəyini sıxma, canım, hər şey yaxşı olacaq.

– Sənin qədər arxayın deyiləm.

– İnan mənə, gözəlim, inan ki, hər şey yaxşı olacaq. Yarpaq dolması bişirmisən?

– Mən? Bilirsən ki, bu dolmanı bükməkdən zəhləm gedir, Yeganə eliyib.

– Yegiş xanım da ləzzətli bişirir. Əli duzludu.

Elmira qəhqəhə çəkərək:

– Yegiş xanım ha. Çaşıb yanında deyərsən, tava gələr başına.

– Az, bəsdi güldün, kişi işdən gəlib, acdı, boooy. Gərək yumruq vurum masanın üstünə?

Lalə valideynlərinin belə zarafatlarına alışmışdı. Onlara qoşulub o da gülürdü. Gəlinciyini götürüb:

– Mən gedim Jaləni yatızdırım, gəlirəm, yaxşı?

Xalidin ağzı dolu idi, başını yellədi, Elmira gülümsədi:

– Jaləni yatır, sonra gəl südünü iç, oldu?

– Yaxşı…

Elmira gözləyirdi ki, Xalid yeməyini bitirsin və ona sabah klinikaya getmək lazım olduğunu desin. Lalə gözlərini ova-ova mətbəxə gəldi:

– Ana, Jalə yatdı, mənim də yuxum gəlir.

Elmira ona bardaqdakı südü uzatdı:

– Al, bunu iç, get yat.

Lalə bir nəfəsə südü içıb getmək istəyirdi ki, Xalid ona səsləndi:

– Ay çəpiş, bəs maç-maç?

Lalə üzünə tökülmüş saçlarını üzündən çəkərək dönüb gəldi, əvvəl atasını, sonra anasını öpdü:

– Gecəniz xeyrə qalsın, – yatmağa yollandı. Valideynləri bir ağızdan:

– Şirin yuxular. – dedilər.

Elmira masanı yığışdırırdı:

– Sabah işə tez getməlisən?

– Elə də vacib işim yoxdur, nədi ki?

– Sabah analiz verməyə gedəcəm, istiyirəm sən də gələsən.

Xalidin rəngi bozardı.

– Sabah… Hə, gedərik.

O, göz-gözə gəlməmək üçün ondan baxışlarını gizlətdi. Əllərini yumaq üçün vanna otağına getdi. Bir az sonra yataq otağından televizorun səsi gəlirdi. Elmira balkona çıxdı. O, qaranlıq düşəndən sonra Bakını balkondan seyr eləməyi çox sevirdi. Yağışdan sonra islanmış və gecə işıqlarından parlayan küçələrə, birmərtəbəli evlərin arasından vulkan kimi püskürüb yüksələn yeni tikililərə, onların binasına paralel tikilmiş binaya xeyli baxdı. Uzaqdan həyət evlərinin işıqları ulduzlu xalçaya oxşayırdı. Sanki zəif közərmiş sarı, ağ ulduzlardan xalça toxunmuşdu. Qonşu binada bir neçə evin işığı sönmüşdü, sakinlər ya evdə yox idilər, ya da ki, erkən yatmışdılar. Axşam binada işığı yanmayan evlər Elmiranı yaman darıxdırırdı; işıq yanırsa, deməli, o evdə həyat var. O evin sakinləri xoşbəxtdirlər, yanmırsa, o ev atılmış kimi görünürdü və ona elə gəlirdi ki, həmin evdə insanlar sevincdən xəbərsizdilər. Əlbəttə ki, bu heç də belə deyildi, amma nədənsə Elmira evlərdə işıqların yanmasına sevinirdi.

Gecədir. Xalid Elmiranın səsinə yuxudan ayıldı. Elmira yuxuda zarıyırdı. Xalid yerində dirsəklənib arvadını oyatmaq istədi, amma onu qorxudacağından narahat olub oyatmadı. Bir neçə dəqiqə: “Bəlkə yuxu görür“ – düşünərək sakit-sakit zarıyan arvadına baxdı. “Nəsə yuxuya oxşamır, deyəsən, canı ağrıyır”, – əlini uzadıb Elmiranı yavaşca çiynindən silkələdi:

– Ema, Ema…

Elmira gözlərini açdı, ağlamsınaraq dedi:

– Ağrıyıram.

– Haran ağrıyır?

Elmira sinəsini göstərdi:

– Buram.

– Masaj eliyim?

– Yox, olmaz.

– Neyniyim səninçin, bəlkə dərman gətirim?

– Yox, indi keçər.

Elmira, ayağa qalxıb vanna otağına keçdi. Xalatı açıb sinəsinə baxdı. Pünyarının yaxası islanmışdı. Döşü şişib qızarmışdı. Giləsinin dərisi qurumuş torpaq kimi cadar-cadar idi.

– Uuufff…

O, ağrıdan ufulduyub xalatını çıxartmaq istədi, amma ağrıdan qolunu tərpədə bilmədi və yaxasını bağladı. Bu an Xalid vanna otağına girdi:

– Baxım, görüm nolub.

– Eehh, Xalid, get yat, sən canın.

– Ay qız, bir dayan, baxım da.

– Oof, hə, bax…

Elmira əsəbi halda yaxasını açdı.

– Bu niyə belə olub?

– Bəs mən sənə deyəndə ki…

– Yox e, belə deyildi axı.

– Gəl yataq, sabah gedib bilərik nədi, nə deyil.

– Çox ağrıyır? Bəlkə dərman atasan?

– Yox, azaldı, bir azdan keçəcək. Köməy elə soyunum, yaxam büsbütün sudur.

Xalid xalatı onu əynindən çıxartdı, pünyarını soyundurdu. Ağ pünyarın yaxası sarımtıl mayeyə batmışdı.

– Geyinməyə nəsə gətirim?

– Lazım deyil, elə xalatı geyindir. Bir də dəsmalların arasından lap balacasını ver qoyum bura, yoxsa axıb xalatı da batıracaq. Xalid vanna otağında dolabdan balaca dəsmal seçib ona uzatdı, Elmira dəsmalı sinəsinə qoydu. Xalid xalatın yaxasını bağlayıb, onu qucaqlayıb saçılarından öpdü…


* * *

Mən bu yerdə əlimi saxladım. Davamını yazmağa cürət etmirdim, əlim gəlmirdi. Qonağımın üzünə baxdım, onun gözləri nəmlənmişdi. Deyəsən, ürəyində için-için ağlayırdı. Görəsən, niyə bu qədər kövrəlmişdi? Onun gicgahındakı damarların şişib necə tarıma çəkildiyi açıq görünürdü. Dişlərini bir-birinə o qədər sıxmışdı ki, alt və üst çənələrin bitişdiyi yerdə nəbzi vururdu. O, çox gərgin idi. Mən gərnəşdim, oturacaqda o yana-bu yana fırlanıb dedim:

– Yoruldum, bir az dincələk bəlkə?

O, çiyinlərini atdı:

– Necə istiyirsən, – dedi.

– Gedək, sahildə gəzək, yüz ildi gecə vaxtı dəniz kənarında gəzmirəm.

O, itaətkarcasına başını yellədi, mənim ardımca pilləkanları endi. Bərabər sahilə tərəf addımladıq.

Aydın, sakit bir gecə idi. Ay bədirlənmişdi. Bədirlənmiş Ay – mənim üçün təbiətin ən sirli, sehrli məqamlarından biri idi. Nədəndir bilmirəm, amma Ayın bu halı məndə həmişə qəribə ovqat yaradır, mənə elə gəlir ki, bu anı görən hər kəsin könlündə kövrək sevinc hissi yaranır, bütün nağıllar ayın nuru ilə yazılır və ən böyük sevgilər də məhz Ay işığında yaşanılır. Ayaqqabımı soyundum. Sahildə bir az ayaqyalın gəzdim. Qum soyumuşdu. Dəniz bu gecə vahiməli görünürdü. Sanki bu sakitlikdən istifadə edib dənizdən bir nəhəng çıxacaq və bizi udacaqdı. Uzaqdan balıqların arabir sudan havaya tullanışları görünürdü. Meşədən gələn bayquşların ulayışları da tükürpədici idi. Birdən düz başımın üstündən bir bayquş dənizə tərəf uçdu, bayaqdan suda atılıb-düşən balıqlardan birini elə havadaca qamarladı. Balıq onun çaynağları arasında çabalaya-çabalaya havaya qalxdı. Gecə vaxtı sahildə gəzmək təklifimə görə özümü söydüm, əməlli-başlı qorxmuşdum. Ayaqqabılarımı geyinib tələsik qonağımın yanına qaçdım. O öz aləmində idi. Sahil kənarından bir odun parçası tapıb cib bıçağı ilə onun çürümüş yerlərini kəsərək nə isə düzəltməyə cəhd edirdi. Ürəyimdə: “Dəlilərinə şükür” – dedim. Nəhayət, o mənim varlığımı xatırlayıb, gözəl məşğuliyyətinə ara verib başını qaldırdı, məmnunluqdan piyaləyə dönmüş gözlərini gözlərimə zillədi:

– İndi deyəcəksən ki, bu dəlidi-nədi, odunu neyniyir belə, hə?

– Yoox, niyə ki?

O, əcaib məxluqu xatırladan odunu bir az da qaldırdı:

– Bax, gör nəyə oxşayır?

Mən ilk dəfə idi nə deyəcəyimi bilmirdim; o, bu odunda nə görmüşdü?

– Bilmirəm.

Nəsə heç nəyə oxşada bilmədim. O, bıçaqını odunun üzərində gəzdirdi:

– Bax, diqqətlə baxsan, anlayacaqsan bu nədi.

Mənim heyrətdən ağzım açıq qaldı, bu odun bir-iki artıq hissəsi kəsildikdən sonra qaçan ceyrana oxşayacaqdı.

– Aaa, mənim daha sözüm yoxdu. Bu ki çox gözəldi.

– Amma unutma ha, baxışlarını gördüm bayaq, sən mənə dəli kimi baxırdın.

O, özündən razı halda qəhqəhə çəkdi. Mən əməlli-başlı pərt olmuşdum. Özümü axmaq kimi hiss eləyirdim. Vəziyyətdən çıxmaq və ya pərtliyimi gizlətmək üçün dedim:

– Heç də elə deyil, sadəcə nə üçün lazım olacağını ağlıma gətirməmişdim. Vəssalam. Həm də daha bəsdi gəzdik, mənə soyuğdu. Qayıdaq. O gülərək ayağa qalxdı və əlindəki ceyran oduncaqla ardımca addımladı.


* * *

Axşam bayırdan gələn maşın səsləri Zakiri öz aləmindən ayıra bilmirdi. O, tüstü dolu otaqda oturub video izləyirdi. Balaca qız uşağının ad gününün videosu idi. Ekranın işığı otaqda olan qaranlığı az da olsa işıqlandırırdı. Oturduğu yerdən azacıq qalxıb pultun təkrar düyməsinə basdı və lent yazısı geriyə doğru yığıldı. O, həmin çəkilişə yenidən baxmağa başladı. Divanda oturaraq jurnal masasına dirsəkləndi, masanın üstündə siqaret kötükləri ilə dolu külqabı vardı. Bir kadrda stop düyməsinə basıb dizin-dizin televizora tərəf süründü. Ekrandakı balaca qız uşağına xeyli baxıb başına yumruq vura-vura ağlamağa başladı. Nəyə görəsə özünü incitmək, özünü cəzalandırmaq istəyirdi. Qapının zəngi onu susmağa məcbur elədi. O, köynəyinin qolları ilə üzünü silib bir az gözlədi. Heç kimi gözləmirdi. Onun evinə gəlib-gedən də yox idi. Qapının zəngi fasiləsiz çalırdı. Gələn hər kim idisə, inadkar biri idi. Zakir çağrılmamış qonaqdan canını qurtara bilməyəcəyinə əmin olub qapıya tərəf getdi. Gözlükdən baxdı, qapıdan aralanıb təəccüblə, gözlərinə inanmayaraq bir də gözlüyə baxdı.

– Səbinə? – astadan öz-özünə pıçıldadı. – Bu dəlinin bu saatda burda nə işi var? – düşündü. Qapıdan aralanıb sakitçə mətbəxə tərəf getmək istəyirdi ki, bayırdan Səbinənin səsi gəldi:

– Baxıb getmə, aç qapını. Bilirəm ki, evdəsən. Bayaq baxanda nəfəsini qapının bu tərəfindən hiss eliyirdim.

Zakir gizlənməyi özünə sığışdırmayıb qapını açdı və qapının kəndarında durdu:

– Nədi, nolub?

– Niyə bu gün işə gəlməmişdin?

– Sənə nə var?

– Telefonu da söndürmüsən, nə zəng çatır sənə, nə də bir xəbər vermirsən ki, bilək nolub. Xəstələnmisən?

– Səbinə…

– Ay can…

– Canıma azar olub, bax sənə nə var? Həm də sənin bu saatda burda nə işin var?

– Elə burda danışaq? – Səbinə Zakirin çiyinlərinin üstündən evə boylandı.

– Hardan bildin burda qaldığımı?

– Məəən…

Səbinə dili topuq vurdu:

– Mən… bir dəfə… təsadüfən… gördüm və…

– Və bildin ki, dördüncü mərtəbədə və bu mənzildə yaşayıram, hə?

–Yoox, yoox, onu indi öyrəndim aşağıdakı qonşudan.

Səbinə əsməyə başladı.

– Yaxşı, yalançını evinə qədər qovarlar, gəl, gedək görüm kimdən soruşmusan. Səbinənin yerə dikilən iri, qonur gözləri yaşla doldu, o, Zakirin çiynindən iki əlli yapışıb:

– Getmə.

– Niyə?

– Çünki heç kimdən soruşmamışam, özüm tapmışam, – Səbinə ağlamağa başladı. Zakir qapıdan çəkilib, Səbinənin qolundan tutub evə saldı. Sonra mətbəxə keçib ordan Səbinəyə səsləndi:

– Bura gəl görüm.

Səbinə ayaqqabılarını soyunub mətbəxə keçdi. Zakir masaya işarə elədi:

– Keç, otur görüm. Otur, danış.

Səbinə ağlaya-ağlaya:

– Nə danışım?

– Hardan bildin burda qaldığımı?

Zakir ona salfet uzatdı:

– Al, sil üz-gözünü.

Səbinə üzünü silib başını aşağı dikdi.

– Ay qız, sənnənəm. Zırıldıyıb baş-beynimi aparma, danış.

– Bir dəfə sən işə zəng eləmişdin, telefonun qalmışdı yaddaşda. Məlumat bürosuna zəng elədim, ünvanını aldım.

– Yalan danışma, Səbinə. Vallah sabah o məlumat bürosuna da gedərəm.

Səbinə hıçqırtı ilə ağlaya-ağlaya yerindən durdu və uca səslə dedi:

– Hə, izləmişdim səni, bildin indi, izləmişdim…

O ağlaya-ağlaya koridora qaçdı, ayaqqabılarını geyinib qapıdan çıxmaq istəyirdi ki, Zakir qapını tutdu.

– Niyə?

Qız qapıya söykənib ağlaya- ağlaya Zakirin gözlərinin içinə baxdı:

– Əgər hələ də başa düşmədinsə…

Zakir azca ordan çəkilib qapını açdı və nə düşündüsə, təkrar qapını bağladı. Otaqda divanın üstündən telefonunu götürüb zəng elədi.

– Salam, Mürvət dayı, buralardasız? Hə, zəhmət olmasa, qonağım var, onu evlərinə aparıb qayıdardıq. Oldu, gəlirəm.

O, gödəkçəsini, ayaqqabılarını geyinib qapını açdı:

– Gəl, düş qabağıma, bir də belə hoqqa çıxarma.

Səbinə acıqlı-acıqlı onu süzdü.

Taksi həyətdə onları gözləyirdi. Zakir maşına yaxınlaşıb arxa qapını açdı, Səbinə arxada, Zakir isə ön oturacaqda oturdu. Zakir Mürvət dayıya dedi:

– Əhmədliyə gedirik, Mürvət dayı. Xəzər tərəfə.

On-on beş dəqiqədən sonra onlar Səbinəgilin ünvanına çatdılar, Zakir maşından enib Səbinəni bloka qədər ötürdü. Blokda ayrılarkən dedi:

– Qalx, mətbəxin işığını yandır, əmin olum ki, evdəsən. Yoxsa sənə bel bağlamaq olmaz. Evdəkilər hardadı?

– Nənəmgilə qonaq gediblər, rayondadırlar.

– Hə… deyirəm axı, özbaşına olub getmisən. Gəl, onda qapıya kimi aparım.

Onlar bərabər beşinci mərtəbəyə qalxdılar, Səbinə əlləri əsə-əsə qapını açdı. Evə girdi, qapının arasından gülümsəyərək Zakirə baxdı:

– Sağ ol.

– Sən də sağ ol, – Zakir pilləkanlara tərəf döndü. Səbinə qapını bağlayıb, Zakir gözdən itənə qədər gözlükdən baxdı, daha sonra mətbəxə qaçıb işığı yandırdı və pəncərədən Zakirin taksiya doğru addımladığını gördü. Zakir maşının qapısını açdığı an başını qaldırıb Səbinəgilin pəncərəsinə baxdı, mətbəxin işığı yanırdı, Səbinə də pəncərədən baxırdı. O, başını yellədib maşına oturdu. Səbinə baxışları ilə gözdən itənə kimi onu yola saldı.


* * *

Səhər Yeganə Lalə ilə qapıdan çıxırdılar ki, Elmira birdən: “Lalə” – deyə səsləndi. O, cəld qapıya tərəf gəlib heyrətlə baxan qızına sarıldı. Yeganə də təəccüb içində idi. Elmira son zamanlar çox həssas, daxilən əsəbi və hər şeyə qıcıqlanan olmuşdu. Halbuki bütün bu sadalanan xüsusiyyətlər tamamilə Elmiranın xasiyyətinə zidd idi. Yeganə səbəbini bilməsə də, bu ani dəyişikliyin səbəbsiz olmadığını düşünürdü. Elmira Yeganəyə qəribə baxışlarla baxdı, sanki gözlərinin dərinliyində onun son zamanlar başqa biri olmasının cavabı gizlənmişdi. Sadəcə bir az diqqət yetərli idi ki, o sirri aşkar edəsən, amma nədənsə Yeganə heç cür olub-bitəndən başa aça bilmirdi. Bəlkə heç bilmək istəmirdi də, çünki nə zaman Elmira onunla danışmağa ehtiyac duyubsa, hər zaman ona könlünü açıb və ondan məsləhət, köməy istəyib. Yeganə Elmiraya görə narahat olsa da, yenə də səbrlə o anı gözləyirdi.

Elmira:

– Lalədən muğayat olun, – uşağın əlini Yeganəyə uzatdı. Onlar qapıdan çıxdılar. Elmira onların ardınca baxıb pıçıldadı:

– Allaha əmanət olun, – qapını bağladı. Onun gözləri dolmuşdu. Xalid onu belə görüb dedi:

– Ema, uşaqlıq eliyirsən, vallah.

– Çox qorxuram, Xalid, çox qorxuram, başa düşmürsən? – qeyri-ixtiyarı Xalidin üstünə qışqırdı. Xalid susdu, amma az qala, Elmiraya: “Mən səndən də çox qorxuram” – deyəcəkdi.

Onlar xəstəxanaya gəldilər. Elmira qeydiyyatdan keçib müayinə edəcək həkimin otağına tərəf getdi. Xalid isə dəhlizdə gərgin halda gəzişirdi. Divarda döş xərçəngi haqqında yazılar və şəkillər vardı. Xalid diqqətlə yazıları oxudu və sanki fikirləri özündən qovmaq istəyi ilə başını silkələdi.

Həkim otağında tək idi. Elmiranı görüb dedi:

– Salam, indi gəlirsiz?

– Salam, hə. İnanın ki, qorxurdum.

– Yoo, belə olmaz. Demişdim axı çox yubatmayın bu işi. Yaxşı, gəlin gedək.

Elmira həkimin ardınca otaqdan çıxır. Koridorda Xalidlə rastlaşırlar, Xalid Elmiraya əl hərəkəti ilə” “Mən də gəlim?” – işarəsi eləyir, Elmira başını yırğalayıb: “Yox” – deyir. Elmira Xalidin yanından ötüb keçir, Xalid ona göz vurub gülümsəyir. Sevda və Elmira rentgen otağına gəlirlər. Sevda digər həkimə yaxınlaşır:

– Doktor, xanıma duktoqrafiya edilməlidi.

Elmiranın sual dolu gözləri Sevdaya baxdı:

– Sevda xanım, o dediyiniz nədir?

– Hərdən terminlər çox qorxulu səslənir, amma narahat olmayın, bu kontrastlı rentgen mamoqrafiyasıdır. Normada otuz dəqiqə çəkir.

Həkim rentgenoloq gülümsədi:

– Narahat olmayın, ağrısız prosesdir, amma ola bilsin bir az rahatsızlıq hiss edəsiz.

– Bu üsul digər üsullardan fərqli olaraq süd kanallarında xırda bədxassəli və xoşxassəli dəyişiklikləri aşkar etməyə imkan verir, – Sevda dilləndi.

Elə bu vaxt tibb bacısı Elmiraya xalat gətirir, Elmira əynini dəyişir və apa-rata yaxınlaşır.

Dəhlizdə var-gəl eliyən Xalid Sevdanın rentgen otağından çıxdığını gördükdə ona yaxınlaşdı:

– Xanım, mən indi sizinlə bura gələn xanımın əriyəm. O necədi? Yəni xəstəliyi doğurdan ciddidi?

– İndi heç nə deyə bilmərəm, hələ özüm də dəqiq bilmirəm, əsas müayinələr olsun, analizlərin cavabı gəlsin, o zaman dəqiq nəsə demək olar.

– Bəs cavab nə vaxt gələcək?

– Bir həftəyə cavablar bizdə olacaq.

– Hmm, yaxşı. Çox sağ olun.

– Siz sağ olun.

Sevda həmsöhbətindən ayrılmaq istəyirdi ki, Xalid:

– Bir dəqiqə, bəs indi bu proses çox çəkəcək?

– Elə də çox yox, hardasa yarım saat. Çox gərginsiz, bəlkə sizə sakitləşdirici verək?

– Yox, ehtiyac yoxdur. Sağ olun.

Sevda öz otağına tərəf getdi, Xalid isə siqaret çəkmək üçün klinikanın həyətinə endi.

Həyətdə gəzirəşək iyirmi beş dəqiqəyə siqareti-siqaretə calayaraq o qədər çəkmişdi ki, yenidən siqaret üçün əlini qutuya atanda gördü boşdu.

Bu iyirmi beş dəqiqə ona iyirmi beş ay kimi gəldi, sanki ona dar paltar geyindirmişlər və bu paltarda nə tərpənə bilir, nə nəfəs ala bilir, nə də kimsə onu bu darlıqdan xilas eləmək istəyirdi. Bu narahatlıq onda elə bir hiss yaratmışdı ki, sanki sinəsinin üstündə ağır bir yük var. Əlləri bağlanmışdı və bu yükdən azad ola bilmirdi. O, çətinliklə dərin bir nəfəs aldı, gərginlikdən onu əsnəmək tutdu. Ətrafına göz gəzdirdi, həyətdə heç kimin olmadığına əmin olub gərnəşdi, əsnədi, bununla da sanki bayaqdan bəri onun əl-qolunu bağlayan, onu sıxan görünməz qiyafədən canını qurtardı. Boş siqaret qutusunu ovcunda əzib zibil qutusuna atdı. Tələsik ikinci mərtəbəyə qalxıb rentgen otağının qapısına yaxınlaşdı, Elmira hələ də çıxmamışdı. Xalid pəncərəyə yaxınlaşdı. Pəncərədən bayıra gözəl mənzərə açılırdı. Xoş, mülayim hava vardı. Zəif meh əsirdi. Həyətdə əkilmiş ağacların yarpaqları saralmışdı, təkcə küknar və şam ağacları məğrur-məğrur təbiətin dəyişikliyinə əhəmiyyət verməyib yam-yaşıl qalmışdılar. Söyüd nazlana-nazlana sarışın saçaqlarını yellədirdi. Xan çinar qol-budağını uzadıb qırmızımtıl-narıncı yarpaqlarını ilıq payız günəşinin şüaları altında rəngdən-rəngə salır, rahatlıqla ətrafda olub-bitənləri qəbul edirdi. Göy üzünü ağ buludlar almışdı. Ağ buludlar sanki ağ quzuların ağappağ yunundan qırxılıb, yaxşıca çırpılıb, şışırdılib göy üzünə səpələnmişdi. Buludlar aram-aram hərəkət edirdilər. Hərdən günəşin önünə keçib onu gizlədir, kölgə salırdılar. Günəş isə bu şıltaqları öz inçə, zərif şüaları ilə itələyib, yenə də yer üzünü seyr edirdi.

Sanki Xalidin xəyalları buludlara qoşulub uzaq-uzaq keçmişə qayıtdı. Xalid gənc idi. Bir yay axşamı məhəllə uşaqları ilə futbol oynamaqdan qayıdanda nənəsinin həyətdə bardaş qurub yun çırpdığını gördü. O tez gəlib nənəsinin üz-gözündən öpdü. Arvad ondan canını qurtarmaq üçün əlindəki yun çubuğunu onun yanına ilişdirdirəndə Xalid dedi:

– Ay nənə, yandım, – kənara hoppandı.

Nənəsi gülə-gülə:

– Adə, vələduzuna, boğmuşdun e məni.

– Neyniyim, darıxmışdım da…

– Darıxan köpoyoğlu gəlib nənəsinə baş çəkərdi.

Xalid yuna işarə elədi:

– Ver mən çırpım, köməyim dəysin sənə.

Nənəsi çubuğu ona uzatdı:

– Al, çırp görüm, mən də bir az boğazımı yaşdıyım, gəlirəm.

Xalid həvəslə yunu çırpmağa başladı. O, çubuğu gah sağdan sola, gah soldan sağa vurur, gah yunu havada fırladıb yerə tullayır, gah da yunu çubuğun üstündə oynadırdı. Birdən nənəsinin haray-həşirlə üstünə gəldiyini görüb işin “fırığ“ olduğunu sezdi, çubuğu yunun üstünə atıb evə qaçdı. Nənəsi deyinə-deyinə gəlib oturdu, özünü düzəltdi, kəlyağayısını açdı və alnından qulağının ardına saldı. Yunu çırpdıqca nənənin qulağındakı tana sırğalar tərpənirdi. Sanki nənə bundan zövq alırmış kimi daha da ürəklə çırpırd. Xalid qapıdan oğrun-oğrun nənəsinə baxıb, yavaş-yavaş gəldi, nənəsi ilə üz-üzə sallağı oturub dirsəklərini dizinə söykədi. Barmaqlarını çarpazlayıb çənəsinin altına qoydu, ciddi baxışlarla nənəsini süzdü. Birdən nəvəsinin ona dikilmiş baxışlarını görən nənə dedi:

– Ay bala, nolub? Niyə zillənmisən?

– Heeç, baxıram ki, sən indi də gözəlsən, lap divardakı babamla olan şəklindəki kimi. Orda da qulağında bu sırğalardı.

Nənə nə isə xatırlayıb əlini qulağına apardı və təbəssümlə dedi:

– Hə, bu sırğaları baban rəhmətlik üzgördüyə vermişdi.

– Üzgördü nədi, ay nənə?

– Paaay atonnan ha, indiklərin yanında söz demək olmur ee. Get, anonnan mitili al görüm.

Xalid qaçıb evdən mitil gətirir, həyətə salınmış palazın üstünə sərir və nənəsinin tapşırığı ilə yunu mitilin üstünə yığır. Xalid yunları gətirdikcə nənə onları səliqə ilə yerləşdirirdi. İşindən razı nənə dedi:

– Xalid balam, ağappaq yundan yorğanda yatacaq. Yun yun deyil ee, bu-luddu, maşallah. Get, anovu çağır gəlsin, bunu çevirək.

Xalid elə qapıdan anasını səslədi. Anası əlləri xəmirli, əynində yaxalıqla çıxdı:

– Gürzə bükürəm, ana, əllərimi yuyum, gəlirəm.

Xalidin anası ilə nənəsi üstünə yun yığılmış mitili büküb sonra açdılar. Yorğan açıldıqca yun mitilin içində qalırdı. Xalid üçün bu nənəsinin fokusu idi. Qadınlar mitili çevirmə prosessini bitirdikdə Xalidin nənəsi üzünü qızına tutdu:

– Gördün yorğanı necə tutmaq lazımdı?! Goruma aparmayacam ee, öyrən. Qaynanan kimi döşəkçə yunundan yorğan sırıma, yorğanın yunu, bax, bunun kimi əlçim-əlçim, ağappaq olmalıdı. Yaxşı, ağzını tik, get işivi gör, mən də sırıyım. Sonra da gəl, gör sırığ necə olur.

Nənələrinin bacarıqlarıyla öyünməyi Xalidə ləzzət eliyirdi, anası heç bir nənəyə cavab qaytarmazdı, bir nənə gəlib xörəklər bişirib düzərdi və: “Ananı çağır, damağı dada gəlsin” – deyərdi, bu biri nənə də bax belə hər yay qudasının verdiyi yorğan-döşəkdən birini söküb təzəliyərdi.

Elmira rentgen otağından çıxdı, Xalidi pəncərənin qabağında görüb ona tərəf getdi. Yaxınlaşıb əlini ərinin çiyninə qoydu. Xalid onun gəlişinə sevindi:

– Həə, gəldin? Şükür, elə bil bir ildi ordasan.

Elmira pəncərədən görünən mənzərəyə baxıb dedi

– Hər şey necə də gözəldi, hərdən bu gözəlliklərə fikir vermirik, – başını Xalidin çiyninə qoydu. Səssizcə bir neçə saniyə pəncərədən baxa-baxa dayandılar. Sükutu Xalıd pozdu:

– Necəsən, ağrımırsan?

– Hələ ki yox.

– Neynəyirik, gedirik evə?

– Əvvəl Sevda xanımı görüm, sonra.

– Yaxşı, onda gedək. Yenə nəsə eləməlidilər?

– Bilmirəm. Gedək, biləcəm.

Onlar pilləkanlara tərəf gəldilər, Xalid Elmiranın onun qoluna girməsi üçün qolunu uzatdı. Onlar qol-qola girib pilləkanlardan endilər. Elmira Sevdanın otağına girəndə Sevda nə isə yazırdı. Elmiranı görüb gülümsədi:

– Yoldaşınız yaman narahatdı sizə görə. Necəsiz, yaxşısız?

– Yaxşıyam, hə.

– Ağrı yoxdur ki?

– Yox.

– Gəlmişkən diaqnozun dəqiqləşdirilməsi məqsədi ilə trepan-biopsiyan olunmanızı da istərdim, amma çox yorulmusuzsa sabaha saxlayaq. Bundan da heç narahat olmayın, qorxulu heç nə yoxdur. Süd vəzində şişin əlamətləri olanda son diaqnoz yalnız biopsiyadan sonra müəyyən olunur.

– Sevda xanım, əgər cavablar pis olsa, onda necə olacaq?

– Əməliyyat və yəqin ki, kimyaterapiya, amma ümid edirəm ki, hər şey yaxşı olacaq. Əsas odur ki, ümidinizi itirməyin, hər şeyin yaxşı olacağına inanın.

– Təki siz deyən kimi olsun. Onda deyin hansı otaqdadı, gedim, birdəfəlik ondan da canım qurtarsın.

– Gəlin, bir yerdə gedək.

Növbəti analizdən sonra Elmira tamamilə gücdən düşmüşdü, halsız idi. Ona yerli anasteziya edilmişdi. Onu çarpayıya uzatmışdılar. Deyəsən, bir neçə dəqiqə yuxuya getmişdi. Gözlərini açanda Xalidi yanında gördü. Xalid çarpayının kənarında oturub onun oyanmasını gözləyirdi. Xalid gülümsədi:

– Elə bildim yatmış gözəl kimi məndən öpüş gözləyirsən, elə yaxınlaşıb öpəcəkdim ki… ayıldın.

Tibb bacısı və Sevda gülüşdülər. Sevda resepti Xalidə uzatdı:

– Dərmanları vaxtında içiməlisiz və özünüzə yaxşı bax-malısız. Meyvə şirələri için, yorulmayın, yuxudan tam doyun. Bunlar sizin üçün çox vacibdir. Gələn həftə mütləq gəlin, inşallah, sizə xoş xəbər deyərik.

Xalid arvadının əlini ovcunda sıxdı:

– İnşallah!

Elmira azca yastıqdan başını qaldırdı:

– Onda mən gedə bilərəm də, hə?

– Başgicəllənmə yoxdursa, təbii ki.

Xalid ona qalxmağa köməy elədi. Ayaqqabılarını, plaşını geyindirdi, şərfini boynuna dolayıb barmaqları ilə saçlarını daradı.


* * *

Səbinə başında səbətlə:

– Oğuldur, oxdur, hər evdə yoxdur, – oxuya-oxuya içəri daxil oldu.

Naza gülə-gülə:

– Nolub, az, səhərin gözü açılmamış?

– Aaaa, yadından çıxıb?

– Nə, ay qız?

– Bu gün hara gedəciydik?

Naza dodağını dişdiyib iki əlli başına qapaz vurdu:

– Vaaay, kül mənim başıma. Təmiz yadımdan çıxıb, vallah.

Zakir əlində armudu stəkanda çayla mətbəxdən çıxıb, mavi lentlərlə bəzədilmiş səbəti gördü:

– Kimi nişanlayıblar?

Naza əllərinin havada oynadaraq:

– Daş başıma, yadımdan çıxıb bu gün Aidanın oğlunun çilə çıxdısına getməliyik.

Zakir çayından qurtum alaraq yaxınlaşıb səbətin içində-kilərə baxdı. Uşaq üçün hamam ləvazimatları idi. Dərindən nəfəs aldı:

– Allah saxlasın, – əlindəki stəkanı masanın üstünə qoydu, pul qabından pul çıxarıb Nazaya uzatdı: – Bunu da mənim adımdan verərsən. Qız neçə vaxtdı yoxdu, mən də heç fikir vermirəm.

– Guya o burda olanda onun varlığı hiss olunur ki. Siçan kimi sakitçə işiynən məşğul olur da, – Naza qımışdı.

Səbinə bəzənib, əyninə təzə tikdiyi firuzəyi rəngli paltarını geyinib Nazagi-lin yanına gəldi. Saçlarını açıb, hər iki yandan tel ayırıb telbəndlə ayırdığı saçlarını yığdı.

Naza ona baxdı:

– Maşallah, gözəlliyə bax e! Bu ölmüşü bir saat görməsəm, ürəyim partdıyar, – deyib Zakirə baxdı. Zakir sanki ilk dəfə idi Səbinəni görürüdü. O, gözlərini Səbinəyə dikib ondan gözünü çəkmirdi, elə bil Misir əfsanələrindən bir ilahə ilə üz-üzə dayanmışdı, yaxud firuzə adasından gəlmiş pərini görmüş və nitqi tutulmuşdu. Baxışlarında, gülüşündə uşaq saflığı gizlənmiş mələyi xatırladırdı. O, güldükçə iri, qonur gözləri parıldayır, gözlərinin dərinliyində xırda qığılcımlar oynayırdı.

Səbinə gülə-gülə uşaq ədası ilə paltarının balağını yelləyib Zakirə yaxınlaşdı:

– Necəyəm? – ətarfında döndü.

Zakir ondan baxışlarını qaçırdıb sakit, biganə səslə:

– Maşallah, yiyəsinə qismət! – deyib masadan stəkanı götürdü və mətbəxə keçdi. Naza gah Səbinəyə, gah da Zakirə baxıb əlini ağzına apardı və işarə barmağını dişlədi. Səbinənin bir anda əhvalı korlandı. Mətbəxə gedən Zakirin ardınca baxaraq kresloda əyləşdi, ayağlarını çarpazlayıb yellənməyə başladı. Naza onun bu halına heç dözmədi. Səbinə beş dəqiqə də belə otursa, ağlamağa başlayacaqdı. Naza tələsik mətbəxə keçdi, Zakir yemək yeyirdi, ona yaxınlaşdı:

– Zəhər tuluğusan e, vallah. Dilin qopardı desəydin ki, gözəl görünürsən?

Zakir tərs şillə yemiş kimi ağzına aparmaq istədiyi qaşığı havada saxlayıb yenidən boşqaba qaytardı:

– Dedim də. Daha nə deməliydim ki?

– Gördüm necə dedin. Nə quru adamsan e, vallah. Gör hə hala düşdü yazıq.

– Onun halından mənə nə?! Sən canın, ona ağıl ver, getsin tayını tapsın. Mənim uşaq-muşağnan oynamağa vaxtım yoxdu.

– Minnətin olsun. Xalq deyir, qız gözün açsın, məni tanısın, bunun dediyinə bax.

Zakir sanki bu sözlər ona deyilmirmiş kimi yeməyinə davam elədi. Naza incik halda Səbinənin yanına gəldi:

– Hə, Səbiş, dur, gedək. Qonaq-zad deyilik ki, deyilən vaxtda orda olaq, bir az qıza əl də yetirək.

Səbinə, yerindən qalxıb dabanlı ayaqqılarını geyindi, plaşını çiyninə atıb çantasını və səbəti götürdü.

Naza onu süzdü:

– Əlindəkiləri ver, əynini əməlli geyin, yaxanı da bağla.

Səbinə sifətini turşutdu:

– Lazım deyil, onsuzda taksiynən gedirik. Hazırsansa, çıxaq?

– Hə, gedək. Zakir, biz getdik.

Zakir, mətbəxin qapısından boylandı:

– Salamat.


* * *

Dan yeri sökülürdü. Hava yavaş-yavaş işıqlanırdı. Ulduzlar sönmüşdü, dan ulduzu isə hələ də parlayırdı. Ulduzların içində ən çox sevdiyim və uşaqlıqdan bəri onu öz ulduzum seçdyiyim ulduz – Dan ulduzu. Ulduzları seyr eliyəndə babamı xatırlayıram. Nəvələrdən ən kiçiyi olduğum üçün onu çox yaşlı biri kimi xatırlayıram. Qırmızı yanaq, hündür, dolu bədənli, burma bığlı, çox mehriban, səbrli, bəzən də nəvələrini əyləndirmək üçün gilə saman, su qatır, palçıq yoğurub və kərpiç kəsməyə tənbəllik etməyən bir insan idi. Sonra qurumuş kərpiçlərlə nənəmin təndirini təzəliyər, nənəm də ona baxıb deyirdi: “Bekar qalmısan, Allah haqqı”. Yay gecələrini babamgildə keçirmək mənim üçün xüsusi zövq idi. Hər gecə pilləkanlarda oturub tut ağacının budaqları arasından ulduzları seyr edərdik. Bəzən isə səmanı daha yaxşı görmək üçün bağçada qızılgüllər əkilmiş təpəçiyin üstünə çıxırdıq. O mənə “Böyük ayı” , “Dolça”, “Kiçik ayı”, “Cənub Tacı”, “Qartal” bürclərinin harda yerləşməsini danışır, sonra barmağımı tutub göstərdiyi bürclərin ulduzlarını havada xəttlər çəkərək birləşdirərdi.

Babam cavanlıqda hərbçiydi, bəlkə elə buna görə də hər şey haqqında məlumatlı idi. Onun əlləri də qızıl idi, hərdən gizlincə onun emalatxanasına girər və onu izləyərdim. Evimizdəki əşyalarının çoxunu özü düzəltmişdi; asılqan, masa, oturacaq, nənəm üçün yuxayayan, oxlov və sairə. O, ağac rəndəliyəndə rəndənin bıçağından çıxan buruq- buruq ağac qabıqlarının xoş ətri emalatxananı bürüyürdü, bu ətri çox sevirdim. Babama baxdıqca mənə elə gəlirdi ki, onun bacarmadığı iş yoxdur. Asılqanı düzəltməyi indi də yadımdadır. O, enli taxtanın üzərində dəliklər açdı, sonra odun parçalarından yonduğu qarmağa bənzər fiqurları həmin dəliklərə yerləşdirdi. Mənim: “Bu nədi?” – sualıma o:

“Asılqan düzəldirəm, bizə gələndə plaşını, yaylığını səliqəylə asar-san” – deyib başımı tumarlamışdı. Mən də balaca, özündən razı qızcığaz gəlib-gedənlərə elan eləmişdim ki, bu asılqan mənim şərəfimə hazırlanıb və kim xoşuma gəlməsə, ora paltarını asamağa icazə verməyəcəm. Çox ədabaz və şıltaq idim. O zamanlar mən lap balacaydım, həyat mənim üçün əzizlənməkdən, əylənməkdən ibarət idi. Bəlkə də o vaxt böyüdükdə nələrlə üzləşəcəyimi bilsəydim, yəqin ki, heç böyümək istəməzdim. Elə ərköyün, şıltaq çağlarımda qalmağa üstünlük verərdim. Yəqin ki, dedim, deməli, şübhəm var, təbii ki, gələcəyim haqqında hər nə bilsəydim də, yenə böyümək istəyəcəkdim, bu hər bir uşağın arzusudur. Qızlar tez böyüyüb gözəl görünməyə, anaları kimi dabanlı ayaqqabı geyinib bəzək əşyalarından; ətirlərdən, ənlik-kirşandan istıfadə etməyə can atırlar. Qonaqlıqda, bayramda qadınları görəndə heyrət və hardasa qibtə hissi ilə onları izləyirdim. Hamı mənim üçün gözəl idi. Ələlxüsus bir qohum xanım var idi, o məni qucaqlayıb öpəndə onun ətrinin qoxusu günlərlə mənim üzərimdə qalırdı. Növbəti günlər əl-üzümü yumaq istəmirdim, ətrin gedəcəyindən qorxurdum. Anamı o həddə çatdır-mışdım ki, yazıq qadın mənim əlimdən öz ətirlərini gizlətmişdi. Anam ətir qabını unutdusa, vəssalam, fürsət mənim idi, bitənə kimi ətiri üstümə boşaldırdım. Anam çox desə də: “Bu çox bahalı ətirdir, bundan azca qulaqlarının dalına vursan kifayətdir”, – xeyri yox idi, mən ətirlə çimirdim və təbii ki, daha sonra atam işdən gəlincə küncdə durmaqla cəzalandırılırdım. Ən pisi isə küncütlü konfetimdən məhrum olunurdum. Bütün bu cəzalara baxmayaraq, uşaqlıq həvəsinin qarşını almaq olmurdu. Növbəti dəfə anamın qarşısında durub yazıq baxışlarla ona baxmaq kifayət idi ki, burnumdan tutmuş ayaq barmaqlarıma kimi ətirlənim. Bununla da həm cəzadan qaçmış olurdum, həm də istədiyimi əldə edirdim. Bunları düşünüb xatırladığım an dodağım qaçdı. Qonağım qaşlarını çatıb dedi:

– Nə fikirləşirik?

– Uşaqlığımı xatırladım.

– Hə… Uşaqlıq illəri… hərə uşaqlığını bir cür yaşayır, illər keçir kimsə ötən illəri üçün darıxır, kimsə heç xatırlamaq istəmir.

– Sənin uşaqlığın necə olub?

– Bəs sənin?

– Birinci mən sual verdim.

– Heç xatırlamaq istəmirəm, – qonağım gözünü üfüqə dikdi. Sanki uzaq-dan-uzağa kiməsə baxırdı. Mən növbəti “Niyə?” sualımı vermək istəyəndə o, sözümü kəsdi və gülümsədi:

– Gedək, günəşi qarşılayaq, – qonağım pilləkanlardan endi.

Daxilimdə bir uşaq atılıb-düşdü, deyəsən, mən hələ də böyüməmişdim.

– Gedək, – onun ardınca qaçdım. O məni görüb qaçdı, ona cata bilməsəm də, ardınca qaçırdım. O qaça-qaça qayığını bağladığı yerə gəldi. Mən hələ də uzaqda idim, uzun illərdi qaçmırdım, təngnəfəs olmuşdum. O, əlini havaya qaldırdı:





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/zuleyxa-nael/sizanaq-68342018/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



Müəllif ölkədə gender və sosial problemlərini, xəyanət, ildən-ilə artan boşanmaları, ailələrdə olan anlaşılmazlıqları, nəhayət problemlərlə üzləşərək, onlara tab gətirə bilməyib ayrılan cütlükləri və bunların nəticəsində əziyyət çəkən uşaqları, pozulan körpə psixologiyasını və digər bu kimi mövzuları əsas götürərək, “Sızanaq” əsərini yazıb. Əsər romantik, mistik hadisələrdən ibarətdir.

Müəllif romanında həmçinin satira, yumor, sarkazm kimi üslublardan istifadə edib. Qeyri-adi və dünya ədəbiyyatı praktikasında nadir hallarda istifadə olunan “roman daxilində roman” stili də “Sızanaq”-da yer alıb. Kitabda həmçinin eksklyuziv illyustrasiyalardan istifadə olunub.

Как скачать книгу - "Sızanaq" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Sızanaq" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Sızanaq", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Sızanaq»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Sızanaq" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Видео по теме - #54 Satisfy Relaxation with Best Videos of B'Young Spa 2 @byoungspaquyethair4401

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *