Книга - Fərqanə

a
A

Fərqanə
Seymur Baycan


Seymur Baycan (Seymur XXX), yazıçı, publisisit. 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Qafqaz Universitetini bitirmişdir. Hekayələri rus, gürcü, erməni, ukrayna, qazax və s. dillərə çevrilmiş və çap olunmuşdur. ""Ət və ət məhsulları"" romanı ilə Dünya ədəbiyyatına skelet-roman anlayışını gətirmişdir. Publisistik fəaliyyəti dönəmində ""Reytinq"", ""Xalq"", ""Milli yol"", ""Gündəlik Azərbaycan"" və digər qəzetlərlə əməkdaşlıq etmişdir.





Seymur Baycan

Fərqanə





Adsız itin qayıdışı


Kinq Konq çiynində tüfəng küçəyə çıxanda biz iki komandaya bölünüb futbol oynamağa hazırlaşırdıq. Onu çox vaxt oyuna almazdıq. Tənbəl və yekəpər görünüşü oyunun ciddiliyinə xələl gətirirdi. Bizlə yaşıd olsa da, əllərinin üstünü, üzünü, sinəsini, ayaqlarını tük, alnını civzələr basmışdı. Yaşından çox böyük görünürdü. Üzü içən adamların üzünə oxşayırdı. Gözlərinin altı göyərmişdi. Qarasaçlı, qaragözlü Kinq Konq dırnaqlarını daima gəmirdiyindən barmaqlarının ucu yara olurdu. Hətta ən sərt müəllimlər belə ona bu vərdişini tərgitdirə bilmirdilər. Kinq Konqu nə qədər danlasalar da, nə qədər döysələr də, o yenə də özünü unudur, barmaqlarını ağzına aparıb dırnaqlarını gəmirirdi. Xoşagəlməyən və ahəngsiz bir səslə danışardı. Danışanda səsi adamın başına düşürdü. Məktəbli forması geyinib boynuna pioner qalstuku bağlayanda, əlinə məktəbli çantası götürəndə çox gülməli bir karikatura alınırdı. Bu bədən, bu üz karikaturada belə qeyri-təbii görünə bilərdi. Əgər tanımayan adam onu bu vəziyyətdə küçədə görsəydi, elə bilərdi, uşaqlar üçün gülməli film çəkirlər. Kinq Konqun çox yekə qulaqları vardı. O qədər yekə qulaqları vardı ki, başını tərpədəndə qulaqları şappıldayardı. Mən görməmişəm, uşaqlar and içirlər, bir dəfə bərk yıxılıbmış. Nə qədər özünü sıxsa da, ağrıya dözə bilməyib. Ağlayıb. Yanaq-larından axan göz yaşlarını qulaqlarıyla silirmiş. Bir dəfə məktəbimizə teatr gəlmişdi. Kinq Konq məndən qabaqda oturmuşdu. Uşaqlar məni qızışdırdılar. Özümü saxlaya bilməyib Kinq Konqun yekə qulaqlarına sataşdım. Dedim ki, qulaqlarını bir az kənara çək, səhnəni görə bilmirəm. Teatr qurtardı. Biz zaldan çıxıb məktəbin həyətinə düşdük. Kinq Konq mənə yaxınlaşıb qarnıma iki-üç yumruq vurdu. Onun sifətindəki acıqlı ifadə ilə vurduğu yumruqlar bir-birinə heç uyğun gəlmirdi. Yumruğu qarnıma yaxınlaşanda çox yavaşıyırdı. Yumruqları heç ağrıtmırdı. Sözlərimdən bərk qəzəblənsə də, məni heç incitmək istəməmişdi. İki gün küsülü qaldıq. Üçüncü gün o, özü yaxınlaşdı. Üzr istədi. Dedi ki, xətrimi çox istəyir, sözlərim onu bərk əsəbiləşdirib, bir də ona sataşsam, məni bərk döyəcək. Bufetə getdik. Mənə kakao və pryanik aldı. Barışdıq. O, küsülü qala bilmirdi. Çox mehriban, namuslu, lakin, necə deyərlər, bir qədər yelbeyin bir uşaq idi. Heç kimi incitməzdi. Dava-dalaşdan qaçardı. Onda daima heç bir ciddi səbəb olmadan son həddə çatmış bir əhval-ruhiyyə əmələ gəlirdi. Hər zaman kiçik bir şey gah onu kövrəldir, gah da güldürürdü. Başqaları üçün adi olan həyatın hər bir hadisəsindən olduqca təəccüblənirdi. Ona təəccüblü gələn şeylər barədə gic-gic suallar verirdi. Halbuki belə şeylərə təəccüblənmək mənasız idi. Məsələn, günəşə baxıb deyərdi:

– Görəsən, günəş göydə necə dayanıb? Niyə bizim başımıza düşmür?

O, bu cür suallarla gülüş hədəfinə çevrilirdi. Buna baxmayaraq, bicliksiz mehribanlığı adamları özünə cəlb edirdi. Həmişə çantasında rəngli qələmlər gəzdirərdi. Bu qələmlərlə qızların dəftərlərinin kənarına gül, quş, ox girmiş qanayan ürək, ağlayan göz rəsmləri çəkirdi. Yaxşı xətti vardı. Oğlanlar qızlara sevgi məktubu yazanda onun xidmətindən istifadə edirdilər. Çoxlu şit sevgi şeirləri bilirdi. Kinq Konqun atası ovçu idi. Həyətlərində ətrafa çoxlu müxtəlif quş lələkləri, kirpi tikanları ətrafa səpələnmişdi. Ağacların budaqlarından isə duzlanmış heyvan dəriləri asılardı. Dediyim kimi, onu çox vaxt öz oyunlarımıza almazdıq. Lakin Kinq Konq hər zaman oyuna aid nəsə orijinal bir şey tapıb bizi cinləndirərdi. Məsələn, biz rezin topla futbol oynayırdıq, o isə haradansa dəri top tapıb kənarda öz topunu atıb-tutub bizi şişirərdi. Bu dəfə də o, bizi cinləndirməyi, oyunumuzu pozmağı bacardı. Onun ayaqlarında əsl qapıçı dizlikləri vardı. Dizlik bir yana, çiynindəki tüfəng daha çox diqqətimizi cəlb etdi. Biz Kinq Konqa yaxınlaşdıq. Tüfəngə heyranlıqla baxdıq. O, tüfəngə toxunmağa heç kimə icazə vermədi. Futbol oynamaq istəyimiz tamam yaddan çıxdı. Atəş açmağa hədəf axtarmaq üçün biz məhəllənin aşağısına doğru addımladıq. Biz deyəndə, siz bilin ki, söhbət bir dəstə uşaqdan gedir. Bu uşaqlar haqqında ayrı-ayrılıqda yazmağa həvəsim yoxdur. Hekayədə üçdən artıq obraz olanda hekayənin başını-ayağını yığa bilmirəm. Son aylar günəş əlini bizim başımıza çəkib bizi haylamışdı. Biz də göylərin cazibə qanununun hökmünə tabe olaraq boyumuzu günəşə sarı uzatmışdıq. Yosunun boy atıb qalxması kimi, səssiz-küysüz böyüyürdük. Məhəllənin aşağısına doğru hərəkət edəndə qarşımıza boynu uzun, ağappaq qaz dəstəsi çıxdı. Biz qazlara güllə ata bilməzdik. Bu qazların elə bir həyasız sahibəsi vardı ki, tutub hamımızı bir-bir iki yerə cırardı. Məhəllənin qurtaracağında yay-qış qurumayan bapbalaca çirkli gölməçə, gölməçədən on-on beş metr aralıda isə zibilxana vardı. Gölməçəni ağır taxta-şalban daşıyan böyük maşınlar yaratmışdılar. Buraları tanımayan sürücülər gölməçənin balacalığına aldanar, gölməçəni ciddiyə almadan üstündən keçmək istəyərdilər. Elə ki, təkərlər palçığa girdi, bu gölməçə əjdahaya çevrilib öz gücünü göstərərdi. Maşının təkərlərin inanılmaz bir güclə öz daxilinə çəkirdi. Sürücü nə qədər çalışırdısa, bir o qədər özünü çətinə salırdı. Palçıq qırsaqqız olub təkərləri buraxmırdı. Batan maşınların fırlanan təkərlərinə əsəbiləşmiş sürücülərə baxmaq bizim özümüzəməxsus əyləncəmiz idi. Biz, bir növ, bu balaca gölməçənin gücü ilə fəxr edirdik. Kənar maşınların bu balaca gölməçədə batıb qalması xoşumuza gəlirdi. Çox az sürücü, çox az maşın bu balaca gölməçədən öz gücünə xilas ola bilirdi. Çox vaxt köməyə başqa maşın çağırmalı olurdular. Bir maşının o biri maşını palçıqdan dartıb çıxarmasına baxmaq bizim üçün maraqlı idi. Darıxırdıq. İldə iki dəfə təmizlənən zibilxana da uşaqların oynadıqları, vaxt keçirdikləri əyləncə məkanlarından biri idi. Burda hər cür zibil olurdu. Deşilmiş vanna, ləyən, vedrə, köhnə qəzetlər, jurnallar, mebel qırıqları, məftil burumları, təkər, pal-paltarlar, saralmış ağac yarpaqları, ağac gövdələri, sıradan çıxmış məişət cihazlarının hissələri… Uşaqlar zibilxanada eşələnib bu zir-zibilin arasından özlərinə lazım olan zibilləri təzədən evə daşıyır, özlərinə oyuncaqlar düzəldirdilər. Nə etməli, nəhəng sovet imperiyasında uşaqlar oynamağa oyuncaq tapmırdılar. Bir çox valideyn, ümumiyyətlə, uşaqlara oyuncaq almırdı. Uşaqlara oyuncaq almaq, uşaqları sevindirmək onların heç ağlına da gəlmirdi. Bu mədəniyyət hələ gəlib bizə çatmamışdı. Oyuncaq sahibi olmaq xoşbəxtliyi çox az uşağa qismət olurdu. Oyuncaqlı uşaqlar küçəyə çıxanda başına o qədər uşaq yığışırdı ki, təzədən evə qayıtmalı olurdu. Elə valideynlərin özləri də uşaqlara oyuncaqla evdən küçəyə çıxmağa icazə vermirdilər. Uşaqlar vaxtlarını təbiətdə keçirirdilər. Təbiət qoynunda keçirilən vaxt çox zaman pis təyinatlı, pis niyyətli olurdu. Heyvanlarla əylənirdilər. Heyvanlara olmazın əzab-əziyyət verirdilər. İtləri quyulara tullayırdılar. Ya da üstlərinə neft töküb yandırırdılar. Quşların yuvalarını dağıdırdılar. Heyvanları dalaşdırıb, ya da cütləşdirib tamaşa edirdilər. Qurbağaları simə keçirib odda qızardırdılar. Bu miskin heyvanlar allaha yalvarmağı bacarsaydılar, bu amansız işgəncələrin altında yalnız ölüm istəyərdilər. Bəziləri özləri-özlərinə oyuncaq düzəldirdilər. Oğlanlar maşın, qızlar isə köhnə əski-üsküdən gəlincik düzəltməyə məcbur olurdular. Pioner evindəki dərnəklərə, kitabxanaya çox az uşaq gedirdi. Valideynlər uşaqları dərnəklərə buraxmırdılar. Çoxlu valideyn uşaq əməyini istismar edirdi. Dərsdən qayıdan uşaqları həyət-bacada işlədirdilər. Heç uşaqların özləri də pioner evindəki dərnəklərə getməyə bir o qədər də həvəsli deyildilər. İldə iki dəfə təmizlənən zibilxanada həmişə bir it yaşayırdı. Bir it harasa yoxa çıxanda, ya öləndə onun yerinə zibilxanaya başqa it gəlirdi. İtlər dəyişsələr də, onların həyatı, xasiyyəti dəyişmirdi. Onların görünüşü fərqli olsalar da, xasiyyətləri, davranışları həmişə bir olurdu. Bizim hekayəmizin qəhrəmanı olan itin yay zamanı bədəni başından tutmuş quyruğunun ucuna kimi tikanlı pıtraqla dolu olardı. Payızda isə ayaqlarından, qarnının altından çəngə-çəngə tükləri palçığa batıb quruduğundan qəhvəyi rəngli stalaktit sallanırdı. Bu cür itləri qədim zamanlardan sahibləri həmişə Toplan adlandırırmışlar, lakin bizim hekayəmizin qəhrəmanının sahibi olmadığından, onun adı da yoxdur. Biz onu adsız it adlandıracağıq. Adsız it xeyirxah adamlara cəsarətlə, inamla yaxınlaşardı. Üzünü yuxarı qaldırıb nəvaziş umardı. Onun başını tumarlayanda sevincdən gözləri yaşarırdı. Bəzən ağlayırdı. Yay günlərində başını qabaq tərəfə uzadıb ayaqları arasına qoyaraq yatmış aslan görkəmi alırdı. Lakin o yatmırdı, onun arası kəsilmədən dartılan qaşlarından bunu hiss etmək olurdu. Araba cırıltısı, maşın səsi gələn kimi gözünü açırdı. Yoldan ötən maşınlara məğrur bir ədayla saymazyana baxırdı. Əsnəyirdi. Sonra yenə başını ayaqları arasına qoyaraq yatmış aslan görkəmi alardı. Bəzən həvəsi olanda hürə-hürə maşının ardınca bir az gedir, təzədən məntəqəsinə dönürdü. Adsız it məntəqəsində özünü çox güclü hiss edirdi. Küçədə bir it görünər-görünməz adsız it sürətlə ərazi qanunlarını pozan yad itin üstünə atılırdı. Adsız it itlər aləmində qəbul olunmuş heç bir qaydanı – iyləməyi, təhdidedici hürməyi – yaxına qoymurdu, birbaşa rəqibinin üstünə atılar, döşü ilə vurub yıxar və didişdirməyə başlayardı. İki it duman kimi göyə qalxan tozun içində çarpışardı. Nəhayət, adsız it qələbə çalardı. Düşməni quyruğunu qısaraq qorxusundan dala baxa-baxa qaçanda, o, məğrur bir görkəmlə öz məntəqəsinə qayıdardı. Ağzından bir qarış çıxmış dili tez-tez nəfəs aldığı üçün titrəyərdi.

Zibilxanaya yaxınlaşanda adsız it üstümüzə yüyürdü. Bizim aramızda ona nəvaziş göstərən, bəzən yemləyən uşaqlar vardı. Adsız it birdən nəsə hiss edib dayandı. Təbiətin ona verdiyi bir qabiliyyətlə bura xoş niyyətlə gəlmədiyimizi hiss etmişdi. Kinq Konq tüfəngi çiynindən çıxarıb böyük adamlar kimi ciddi-ciddi adsız iti nişan aldı. Adsız it çevrilib qaçmaq istəsə də, hədəfdən yayına bilmədi. Tüfəngin səsi və itin zingiltisi bir-birinə qarışdı. İt yerə yıxıldı. Yerdə çapalayıb özünü toparladı. Ayağa qalxıb təpələrə doğru qaçdı. Özümüzü nə qədər böyüklər kimi aparsaq da, tüfəngin səsi, etdiyimiz hərəkət bizi qorxutdu. Bir neçə uşaq dəstədən aralanıb məhəlləyə qayıtdı. Yerdə qalanları zingildəyə-zingildəyə təpələrə doğru qaçan adsız itin dalınca götürüldü. Onu təpələrdən birinin başında tapdıq. Uzanmışdı. Zingildəyirdi. Biz tövşüyə-tövşüyə onun başı üstündə dayanıb qıpqırmızı pörtmüş üzümüzdən axan təri silməyə başladıq. Etdiyimiz hərəkətdən peşman olmuşduq. Başının üstündə dayanıb ağrı çəkən itə baxırdıq. İncidilən, əzab və ağrı çəkən itin gözləri bütün əzab çəkən başqa canlıların gözündən seçilir. Əzab çəkən itin gözləri sönür, elə bil, rəngini dəyişir, sanki beyininin dərinliklərinə çəkilir. Adsız itin baxışlarını heç zaman unutmaram. Ağri çəkən it zingildəyərək öz baxışlarıyla bizdən soruşurdu:

– Axı nəyə görə? Sizə nə pislik etmişdim?

Bu baxışlara davam gətirmək çox çətin idi.



İmkan düşmüşkən, dayandığımız təpənin üstündən görünən mənzərələri təsvir etmək istərdim. Hündürdə dayandığımıza görə ətrafa nəzər saldıqda çoxlu mənzərələr görünür. Bəzi mənzərələr daha aydın, bəzi mənzərələr bir az tutqun. Məsafənin yaxınlığından-uzaqlığından asılıdır. Burda nə varsa, açıqda, göz qabağındadır, ərinmirsənsə, ürəyin istəyən qədər tamaşa edə bilərsən. Dayandığımız təpədən bir az irəliyə tərəf yol getdikdə qarşına tarlalar (burda gah taxıl, gah qarğıdalı, gah da noxud əkirdilər) çıxır. Sonra tarlaları üzümlüklər, üzümlükləri isə yenə təpələr, kiçik dağlar əvəz edir. Tarlalarda, üzümlüklərdə işləyən qadınlar, qızlar yaylıqla başlarını, üzlərini bərk-bərk bürüyürdülər. Ancaq gözləri görünürdü. Onlar necə nəfəs alırlar? Bu sual həmişə məni düşündürürdü. Qızlar-qadınlar işləməkdən belləri bükülmüşdü. Partiyanın qarşıya qoyduğu planı yerinə yetirmək üçün onları dayanmadan işlədirdilər. Qadınlar, qızlar özlərinə baxa bilmirdilər. Özlərinə baxmağa nə vaxt var idi, nə də elə bir tutarlı səbəb. Aşağı-yuxarı hamı eyni qaydada yaşayırdı. Qəzetdən müxbir, televiziyadan çəkiliş qrupu gələndə tarlalarda, üzümlüklərdə işləyən qızlardan ən yaxşılarını seçib onlara ən yaxşı paltarlarını geyinmək tapşırılırdı. Yaxşı geyinmiş kəndli qızların şəkillərini çəkib qəzetlərdə, jurnallarda dərc edirdilər. Beləcə əmək qəhrəmanları düzəldirdilər. Ancaq qəzetlərdə dərc edilən şəkillərlə real həyatdakı vəziyyət çox fərqli idi. Kəndlilər çox qorxaq idilər. Onların evinə qonaq gedəndə hər şey edirdilər ki, biz razı qalaq. Gərgin və həyəcanlı olurdular. Hansısa bir səhv buraxacaqlarından, hansısa hərəkətlərinə görə onlara güləcəyimizdən qorxurdular. Bayram günlərində kəndli uşaqlar ən yaxşı paltarlarını geyinib rayon mərkəzinə gəlirdilər. Burda rayon avtovağzalında, düz avtobusların dayandığı yerdə onları rayon uşaqları gözləyirdilər. Bayrama gəlmiş kəndli uşaqlarını döyüb paltarlarını bərbad hala salırdılar.

Tarlalarda, üzümlüklərdə işləyən adamları daha da həvəsləndirmək, onların iş qabiliyyətini artırmaq üçün paytaxtdan teatrlar gəlib harada gəldi, açıq havada, örtülü məkanlarda tamaşa göstərirdilər. Adamlar aktyorları çox böyük sevinclə, coşquyla qarşılasalar da, ümumi kobudluq burada da özünü göstərirdi. Hər tamaşada ya bilərəkdən, ya da bilməyərəkdən, kobud hərəkət edən adam olurdu. Bir tamaşa zamanı baş verən pərtlik yadımdadır. Tamaşada belə bir səhnə vardı: Dayı öz bacısı oğluna necə yaşamağı başa salır. Sual verir: Sən küçədə gedərkən birdən pul tapsan, tapdığın pulu neyləməlisən? Uşaq cavab verir: Pulun sahibini axtarıb, tapıb, pulu ona qaytararam. Dayısı isə deyir: Yox, belə olmaz, sən o pulu gətirib dayına verməlisən. Bu səhnə oynanılarkən tamaşaçılardan biri səhnəyə qəpik pul atdı. Qəpik düz aktyorun qarşısına düşdü. Bu kobud hərəkət aktyora çox pis təsir etdi və digər aktyorlar da tamaşanın sonuna qədər öz pərtliklərini gizlədə bilmədilər. Bir dəfə mən tamaşaya baxıb evə qayıtmışdım. Babam da bizdə idi. Hər şeyi məsxərəyə qoyan babam xahiş etdi ki, teatrda gördüklərimi ona danışım. Mənə hədsiz dərəcədə təsir etmiş tamaşanın məzmununu təfərrüatı ilə ona danışdım. Lakin o, danışdıqlarımdan təsirlənmədi. Müxtəlif rişxəndli qeydlərlə tez-tez sözümü kəsir və isbat etməyə çalışırdı ki, həyatda heç zaman belə hadisələr baş verə bilməz. Bu cür qəddar hücuma hazır deyildim, bununla belə, təslim olmadım. Teatra inanırdım…

… Uzaqda qayalar şairanə bir səliqəsizliklə dağın ətrafına yayılıb. Bu qayaların üstündə qıpqırmızı çiçəklər bitmişdi. Elə bil, qayaların üstündə balaca tonqallar qalanmışdı. Elə bil, bura opera dekorasiyasıdır, təbiət deyil. Hər şey, elə bil, yağlı boya ilə çəkilib. Qayalıqların arasını böyürtkən kolları bürümüşdü. Burda o qədər böyürtkən kolu vardı ki, adamlar yığırdılar, yığırdılar, yenə də qurtarmırdı. Bəzi yerlərdə kollar hər yeri elə sıx bürüyüb tutmuşdu ki, geriyə dönüb başqa yol axtarmalı olurduq. Biz bir dəfə böyürtkən yığmağa getmişdir. Uşaqlardan xeyli aralanmışdım. Onda, elə bil, hər kolun, hər ağacın arxasında bilmədiyim, tanımadığım əsrarəngiz bir dünya vardı. Əfsanəvi aləmlə həqiqi aləm, xəyallarla gerçəklik, balaca ürəyimi titrədən sevinclər və qorxular bir-birinə qarışmışdı. Həyat cəlbedici sirləri ilə qarşımda dayanmışdı. Hava qaraldı. Ətrafda hər şey eyni hal aldı. Bütün kollar, ağaclar bir-birinə oxşadı. Yolu itirdim. Tərslikdən, cinlər haqqında eşitdiyim söhbətlər bir-bir yadıma düşdü. Qaranlıqda, çölün bu əzici sakitliyi içində bu söhbətlərdən adamın əhvalı qarışır, başına min cür qarma-qarışıq fikirlər girir. Cinlər haqqında söhbətlər canımda dəhşətli bir vahimə yaratdı. Orda görünən nədir? Qaralan nədir? Qorxumu canımdan qışqırmaqla çıxarmaq istədim. Qışqıra-qışqıra yüksəklikdən aşağıya doğru qaçdım. Ayağım nəyəsə ilişdi. Yıxıldım. Əlim-ayağım cırıq-cırıq oldu. Uşaqlar məni aşağıda gözləyirdilər. Mən cin gördüyümü onlara danışdım. Sonrakı günlər isə müxtəlif adamlara cini necə gördüyümü təkrar-təkrar danışmalı oldum. Bu cür əhvalatlara maraqla qulaq asacaq adam hər addımda idi…



… Günəş doğanda dağlara, təpələrə, çəmənlərə yüz rəng, yüz bəzək vurur. Səsi olan da, olmayan da oxumaq eşqinə düşür. Qışda uşaqlar təpələrin başına qalxar, oradan aşağı sürüşərdilər. Burda nə qədər papaq, əlcək itmişdi. Nə qədər şalvar cırılmışdı. Nə qədər əl, ayaq, burun əzilmişdi. Əlcəyi olmayanlar əllərinə corab keçirirdilər. Soyuqdan donduqda, əlcəkləri, corabları tamam yaş olduqda evə qaçar, sobanın kənarında qızışıb əlcəklərini, corablarını qurudub təzədən təpələrin üstünə sürüşməyə qayıdardılar. Belə qarlı havalarda yüz öyüd-nəsihət, heç bir məsləhət, heç bir təhdid uşaqları evdə saxlaya bilməzdi.

Dağın dibində qara daşdan tikilmiş, üstü kirəmitlə örtülmüş dağınıq, alçaq kənd evləri görünür. Evlərdən hər birinin qarşısında içində bulanıq su olan taxta kasalar var. Kasanın içinə toyuqlar üçün qara çörəyin qabıqlarını atırdılar. Bu yöndəmsiz kənd sanki bir yerdən digər yerə köçərkən, pis havanın keçməsini gözləyib dincini alan, beləliklə orda ilişib qalanların məskəni idi. Qar yağanda evlərin ancaq qapıları və kiçik pəncərələri qaralırdı. Bacalardan yavaş-yavaş qatı ağımtıl tüstü qalxırdı. Kənd qışda daha xəlvət görünürdü. Kəndin əhalisi həmişə qara paltar geyinirdi. Onlar qara bir kölgə kimi yaşayırdılar. Gülmürdülər. Danışmırdılar. Axşamlar qadınlar evlərin qabağında dərin xəyal içində oturub, hamar, südlə dolu döşlərini körpələrin ağzına salırdılar. Adama elə gəlirdi ki, onların hamısı vahid bir canlıdır və hamısı nə isə sirli, dərkolunmaz bir şey haqqında düşünürlər. Kəndin ortasından ensiz bir arx keçirdi. Küçəyə və evlərin darvazası ağzına qalaq-qalaq yığılmış zir-zibildən gələn kəskin qıcqırma və çürüntü iyi küçəni bürümüşdü. Evlərin qarşısında toz-torpağın içində qara ağaclardan düzəldilmiş oyuncaqlara oxşayan uşaqlar eşələnirdilər. Kəndə bir yad maşın girdikdə hər ağacın, hər evin arxasından bir it çıxırdı. İtlərin hürüşlərindən qulaq batırdı. Amma onlar nə qədər acıqla hürsələr də, qıllı sifətləri mehriban görünürdü, özləri də quyruqlarını bulayırdılar. Kəndin üstündə kasıb və sadə kəndli qəbiristanlığı vardı. Kəndlilər sağlıqlarında becərdikləri torpaqda uzanıb əbədi istirahət edirdilər. Kəndə doğru gedən yolla iki adam addımlayırdı. Biri kişi, biri arvad. Kişinin belində sandıq, sandığın içində isə balaca aynalardan, iynədən, müxtəlif rəngli saplardan, yaylıqlardan, dəmir üzüklərdən tutmuş əl boyda uşaq topuna, kəlbətinə, siçan tələsinə kimi çox geniş mal çeşidləri vardı. O, bu malları kəndə aparıb satmayınca adamlardan əl çəkmir, satmaq mümkün olmadıqda toyuğa, yumurtaya, pendirə dəyişirdi. İlin on iki ayı ikicanlı olan arvadı ördək kimi yırğalana-yırğalana yeriyirdi. Arxaya çevrildikdə yaşadığımız məhəllə, evlər, bağlar, məktəbimiz, məktəbə gedən yol, yolun üstündə məktəb qarovulçusunun evi, at tövləsi görünür. Bəzi həyətlərdə ağaclar o qədər uca, o qədər qalındır ki, evlərin ağ divarlarını, boz-qırmızı damlarını ağacların arasından güclə tapırsan. Payızda ağaclar çılpaqlaşır, həyətlər, evlər daha aydın görünür. Ağaclar paltarlarını soyunduqca, insanlar qalın paltarlarını üst-üstə geyinirdilər. Səhər tezdən məktəb qarovulçusunun atı yekə başını tövlənin pəncərəsindən çıxarıb məktəbə gedən uşaqlara baxırdı. Adama elə gəlirdi ki, atın özü də məktəbə getmək istəyir. Məktəbə gecikən uşaqlar tövlənin pəncərəsindən başını küçəyə çıxarmış ata kökə, çörək yedizdirirdilər. At yumşaq dodaqlarını marçıldadıb kökələri, çörəkləri yedikdən sonra uşaqların üzünə baxırdı. Elə mənalı baxırdı ki, adam yenə də ona bir şey verməyə məcbur olurdu. Məhəllədəki evlərdən birinin talvarında qoca bir arvad oturmuşdu. Qoca arvad solmuş parçadan güllü uzun yubka geyinmişdi. Matros paltarı geyinmiş, başına əsgər papağı qoymuş nəvəsi onun ayaqları önündə oturmuşdu və balaca, kövrək barmaqları ilə nənəsinin yubkasındakı gülləri sayırdı. Hardasa uzaqlarda arx kənarında çimişən uşaqların səsi gəlirdi. Sol tərəfdə şərab zavodunun hündür borularının qaralan ucları görünür. Boruların aşağı hissəsi isə sexlərdən qalxan buxarın içində yox olub gedirdi. Adama elə gəlirdi ki, bu borular göydən asılı vəziyyətdədir. Axşam iş saatı başa çatdıqda zavodun darvazasından bayıra insan seli axırdı. Bunların arasında ömrünün ən yaxşı çağlarını zavod yolunda qoymuş, qozbelləşmiş qoca fəhlə qadınlar, artıq həyatın sərt üzünü görmüş cavan gəlinlər və qızlar da vardı. Yaşlı qadınlar öz kişilərindən söhbət açanda bu qızların gözləri sirli bir sevinclə parıldayırdı. Qızlar bir-birlərindən sirr saxlamırdılar. Bir oğlan bir qıza eşq elan edirdisə, həmin gün, ya səhər tezdən bu eşq hamıya bəlli olurdu. Bu ağıllı və ağılsız, pinti və səliqəli, sakit və səs-küylü qızlar ərə getdikdən sonra kobudlaşır, tez qocalır, düşkünləşirdilər. Zavoddan təpələrə sarı addımladıqda qəfildən bir gölməçəyə rast gəlirsən. Orda, elə bil, bir- birinə üstün gəlmək, bir-birinin səsini batırmaq istəyirmiş kimi qurbağalar səs-səsə vermişdilər. Təpələrin o tayında əvvəllər tarla olmuş yerdə təzə evlər tikilirdi. Görülən işin, çəkiclərin, baltaların boğuq səsi eşidilirdi. Gənc ailələr həvəslə özlərinə yuva qururdular. Bəzi evlər tam tikilib qurtarmasa da, artıq orda ailələr yaşayırdılar. Həyətlərə cavan ağaclar əkmişdilər. Elə ailələr vardı, əvvəl evi tikib sonra hasar çəkirdilər. Bəziləri əvvəl hasar çəkib sonra ev tikirdilər. Baxır adamına. Amma fərqi yoxdur, istər birinci hasar çəkilsin, istərsə də birinci ev tikilsin, məqsəd birdir: gənc ailələr tezliklə ev-eşik, bağ-bostan sahibi olmaq istəyirdilər. Əvvəllər tarla olmuş yeri hissələrə bölüb gənc ailələrə paylayanda bərk həyəcan keçirirdim. Uşaq ağlımla elə bilirdim ki, əgər daha burda taxıl əkməsələr, acından öləcəyik. Həyəcanımı heç kimə bildirə bilmirdim. Böyüklər az hallarda suallarımıza cavab verirdilər. Onlar ancaq elə bizə iş tapşırırdılar. Sual verəndə böyüklər sözümüzü kəsir, get öz işinlə məşğul ol, böyüyəndə özün hər şeyi başa düşərsən, deyirdilər. Pərt olurduq.

… İnəklər, camışlar təpələrin arasında otlaya-otlaya hər tərəfə dağılışır, kolların arasında görünməz olur. Camışlar özlərini bataqlıq yerlərə verir, bir-birinin ardınca günəşin qızdırdığı lilli suya girib, lehmədə yatıb dincəlirlər. Kötük kimi hərəkətsiz qalırlar. Kənardan baxanda yalnız burunları, bir də gözləri görünür. İnəklər otlaya-otlaya ora-bura hərlənir, arada uzanıb dincəlirlər, sonra ayağa qalxaraq yenidən otlayırlar. Onlar hətta mələmirlər də. Yalnız fısıltıları eşidilir. Yaxınlıqdan maşın, traktor keçəndə motor səsi eşidən inəklərin hər biri əmr alıbmış kimi başlarını qaldırır. Mal otaran uşaqlar mürgüləyir, darıxdıqlarından fıştırıq çalırlar. Bir az mərifətliləri quru otlardan xırdaca səbət toxuyurlar. Çobanyastığılarını sapa düzüb boyunbağı düzəldirlər. Avaraları iki cücü tutub onları dalaşdırırlar. Günəşdən qızınan kərtənkələlərə, gölməçələrin kənarında qurbağa ovlayan ilana tamaşa edirlər. Sonra uzun-uzadı mahnılar oxuyurlar. Gün isə qurtarmaq bilmir. Uşaqlara elə gəlir ki, gün elə hey uzanır. Yəqin ki, başqalarına gün tam bir ömür qədər uzun görünmür. Nəhayət, axşam olur. Uşaqlar malları səsləyir. Camışlar bir-birinin ardınca ayağa qalxdıqca qatı palçıq paqqıldayır. Ağızlarından köpük daşan, gözləri bərəlmiş kəllər dağ selinin yuvarlayıb apardığı nəhəng daşlar kimi təpələrdən başıaşağı axışırlar. Mal-qaranın yaratdığı, bir-birinə oxşayan, bir-birinə dolaşan cığırlar torbadan tökülmüş ilanlar kimi dörd bir tərəfə yayılıb. Mal-qara dal-dala düzülərək bu cığırlarla düzənliklərdən keçirlər. İlin dörd fəsli həyətlərindən tüstü qalxan kəndə qayıdırlar. Sürü kəndə girəndə inəklər bir-bir, iki-iki, üç-üç sürüdən aralanıb evlərin həyət darvazasının önündə dayanırlar. Sahiblərinin darvazanı açıb onları həyətə buraxmaq-larını gözləyirlər. Xam inəklər yolun ortasında dayanıb kədərlə ətrafa baxırlar. Bəziləri özlərini divara, ağaclara, elektrik dirəklərinə sürtürlər…





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/seymur-baycan/f-rqan-68342021/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



Seymur Baycan (Seymur XXX), yazıçı, publisisit. 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Qafqaz Universitetini bitirmişdir. Hekayələri rus, gürcü, erməni, ukrayna, qazax və s. dillərə çevrilmiş və çap olunmuşdur. «„Ət və ət məhsulları“» romanı ilə Dünya ədəbiyyatına skelet-roman anlayışını gətirmişdir. Publisistik fəaliyyəti dönəmində «„Reytinq“», «„Xalq“», «„Milli yol“», «„Gündəlik Azərbaycan“» və digər qəzetlərlə əməkdaşlıq etmişdir.

Как скачать книгу - "Fərqanə" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Fərqanə" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Fərqanə", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Fərqanə»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Fərqanə" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Видео по теме - Fərqanə Qasımova — Ulduzlar Bəzmində

Книги автора

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *