Книга - Dəfinələr adasının sirri

a
A

Dəfinələr adasının sirri
Enid Blayton


Möhtəşəm beşlik
“Möhtəşəm beşlik” seriyasının ilk kitabı olan «Dəfinələr adasının sirri» romanı dörd uşaq və onların sevimli köpəyinin batmış gəmidəki xəzinəni ələ keçirmək istəyən qara qüvvələrlə gərgin mübarizəsi haqqındadır.





Enid Blayton

DƏFİNƏLƏR ADASININ SİRRİ





Böyük sürpriz


– Ana, sən yay tətilimizlə bağlı bir qərara gələ bildin? – deyə Culian səhər yeməyi vaxtı soruşdu. – Yenə Polsitə gedəcəyik?

– Yəqin ki, yox, – anası cavab verdi. – Bu il bizsiz də ora gedənlərin sayı kifayət qədər olacaq.

Masanın arxasında oturmuş iki oğlanla bir qız məyus halda bir-birinin üzünə baxdılar. Axı Polsit onların çox xoşuna gəlirdi. Elə təkcə ecazkar çimərliyi nəyə desən dəyərdi! Orada çimmək adama lap ləzzət eləyirdi!

– Qəm yeməyin, – ata uşaqlara təskinlik verdi, – əminəm ki, sizə oradan da yaxşı bir yer tapılacaq. Ananızla mənim isə bu il üçün başqa planımız var, Şotlandiyaya gedirik. Məgər ananız sizə bu barədə heç nə deməyib?

– Yox, – Enn dilləndi. – Ana, bu, doğrudur? Sən tətili bizimlə keçirməyəcəksən? Axı həmişə bərabər gedirdik.

– Bu il tətilə ikilikdə getmək fikrindəyik: atanız və mən. Siz isə artıq böyük uşaqlarsınız, yay tətilini bizsiz və daha maraqlı keçirə bilərsiniz. Düzdür, hələ bilmirəm, sizi Polsitdən başqa hara göndərmək olar…

– Bəlkə, uşaqları Kventinin yanına yollayaq? – ata soruşdu.

Kventin onun qardaşı idi. Uşaqlar əmilərini yalnız bir dəfə görmüşdülər və ondan bir az çəkinirdilər. Bu hündürboy, ağıllı, həmişə qaşqabaqlı olan adamın fikri daim öz elmi axtarışlarının yanında idi. Dəniz kənarında yaşayırdı, uşaqlar onun haqqında başqa heç nə bilmirdilər.

– Kventinin yanına? – ana soruşdu. – Bu haradan ağlına gəldi? Çətin ki, Kventin uşaqların onlarda qalmasına razılıq versin. Axı ona mane ola bilərlər.

– Bu yaxınlarda bir işlə əlaqədar Kventinin arvadı ilə görüşmüşdüm. Deyəsən, maddi çətinlikləri var, Fanni sözarası dedi ki, evə müvəqqəti yaşamaq üçün bir-iki nəfər kirayənişin götürmək pis olmazdı. Bilirsən də, onların evi düz dənizin qırağındadır. Yəqin, bizim uşaqlar orada özlərini çox yaxşı hiss eləyərlər. Fanni də xoşrəftar qadındır, uşaqların qayğısına, necə lazımdırsa, qalar.

– Hə, onun qızı da var axı, – ana atanın sözünə qüvvət verdi. – Adı nə idi? Nəsə qəribə adı vardı… Hə, yadıma düşdü: Corcina. Qızın neçə yaşı olar? Məncə, təxminən on bir.

– Eyni yaşdayıq ki! – Dik dilləndi. – İşə bir bax! Sən demə, bizim üzünü heç vaxt görmədiyimiz əmimiz qızı var imiş! O, yəqin, təklikdə çox darıxır. Mən Culianla, Ennlə oynaya bilirəm, ancaq Corcinanın heç kimi yoxdur. Yəqin, bizim gəlişimizə sevinər.

– Məncə, bu, yaxşı fikirdir, – ata dedi. – Gəlin Fanniyə zəng vurub danışaq. Əminəm ki, bu təklif onu qane eləyəcək, beləcə, həm Corcina tək qalmaz, həm də biz uşaqlara görə narahat olmarıq.

Uşaqlar həyəcanlanmağa başladılar. Axı onlar üçün tamamilə yeni bir yerə getmək, üstəlik, orada əmisi qızları ilə tanışlıq çox maraqlı idi!

– Bəs orada qayalıqlar, daşlar, qum var? – Enn soruşdu. – Qəşəng yerdir?

– Mən oraları yaxşı xatırlamıram, – ata dilləndi, – ancaq əminəm ki, sizin çox xoşunuza gələcək. Həmin yerin adı «Kirrin körfəzi»dir[1 - Körfəz – böyük su hövzəsinin (okean, dəniz, göl) quruya çox daxil olmuş, lakin onunla sərbəst su əlaqəsini saxlayan nisbətən kiçik hissəsi]. Əminizin arvadı Fanni bütün ömrünü orada keçirib, heç vaxt da başqa yerə köçmək fikrinə düşməyib.

– Atacan, Fanni xalaya tez zəng vur! – Dik qışqırdı. – Məncə, o yer lap bizlikdir! Kim bilir, bəlkə, orada başımıza maraqlı macəralar da gəldi!

– Biz hara getsək, sən elə belə deyirsən, – ata gülümsündü. – Yaxşı, indicə zəng vurub onunla danışaram.

Uşaqlar səhər yeməyini bitirib masanın arxasından qalxdılar və səbirsizliklə atalarının nə vaxt zəng vuracağını gözləməyə başladılar. Nəhayət, ata dəhlizə keçib şəhərlərarası telefon danışığı üçün rabitə qovşağına sifariş verdi[2 - Əvvəllər ev telefonu ilə bir şəhərdən digərinə zəng vurmaq üçün birbaşa nömrəni yığmaq mümkün deyildi, bunun üçün rabitə qovşağına zəng vurub sifariş vermək lazım gəlirdi.].

– Bir problem çıxmasa, yaxşı olardı, – Culian dedi. – Maraqlıdır, görəsən, Corcina necə qızdır? Adı, həqiqətən, qəribədir. Deməli, on bir yaşı var, məndən bir yaş balacadır, Diklə yaşıddır, Enndən də bir yaş böyükdür. Biz dördlükdə vaxtımızı çox maraqlı keçirəcəyik!

İki dəqiqədən sonra ata otağa qayıtdı. Uşaqlar onun üzünə baxan kimi başa düşdülər ki, hər şey qaydasındadır.

– Danışıb razılaşdıq, – o dedi. – Fanni bizim təklifimizi eşidib çox sevindi. Dedi ki, yeni dostlarla ünsiyyət Corcina üçün çox faydalı olacaq, axı qız tamam təkdir. Fanni xalanız məmnuniyyətlə sizə göz-qulaq olar. Ancaq bir məsələ var: Kventin əmini narahat etməməlisiniz. O, çox işləyib yorulur, odur ki kimsə ona mane olanda özündən çıxır.

– Biz siçan balaları kimi səssiz olacağıq, – Dik söz verdi. – Hər şey necə də yaxşı alındı! Atacan, bəs ora nə vaxt yola düşürük?

– Gələn həftə, – ata cavab verdi. – Əgər ananız sizin əşyalarınızı həmin vaxta kimi toplayıb başa çıxa bilsə…

– Nə böyük iş olub ki! – ana dilləndi. – Uşaqların çimərlik geyimlərini, maykalarını, şortlarını yığmaq belə çətindir?!

– Ura! Yenə şortlarımızı geyinə biləcəyik! – Enn bunu deyib yerində rəqs eləməyə başladı. – Məktəb formasından elə təngə gəlmişdim ki! Elə bu dəqiqə çimərlik paltarımı əynimə keçirib yenə dənizdə üzmək, qayalara dırmanmaq istəyirəm!

– Darıxma, az qalıb, – ana gülümsünüb dedi, – tezliklə dənizdə üzə biləcəksən… Hə, uşaqlar, özünüzlə götürmək istədiyiniz kitabları, oyuncaqları da toplayın, yaxşı? Yaddan çıxmasın. Ancaq çox şey götürməyin ki, əşyalarınız çamadana sığsın.

– Keçən il tətilə gedəndə Enn özü ilə nə az, nə çox, düz on beş gəlinciyini aparmaq istəyirdi, – Dik dedi. – Yadındadır, Enn? Qəribə qızsan!

– Qəribə-filan deyiləm! – Enn qızardı. – Mən öz gəlinciklərimi çox istəyirəm. Qərar verə bilməmişdim ki, hansını aparım, hansı qalsın. Ona görə də hamısını götürdüm. Burada qəribə heç nə yoxdur!

– Bəs keçən il Ennin yelləncək atı da özü ilə aparmaq istəməsi yadınızdadır? – Dik bunu deyib qəhqəhə çəkdi.

Bu məqamda ana söhbətə qarışdı:

– Yaxşı, bəs inişil Dik adlı oğlanın Polsitə gedərkən özü ilə iki çamadan oyuncaq aparmaq istəməsi necə, yadınızdan çıxmayıb ki?

Bunu eşidən Dikin də üzü qıpqırmızı oldu. O, cəld söhbətin mövzusunu dəyişdi:

– Atacan, biz ora necə gedəcəyik? Qatarla, yoxsa maşınla?

– Maşınla, – ata cavab verdi. – Çamadanları da baqaja yığarıq. Çərşənbə axşamı getsək, necə olar?

– Məni qane eləyir, – ana dilləndi. – Uşaqları qoyub qayıdarıq, cümə günü də Şotlandiyaya yola düşərik. Qoy çərşənbə axşamı olsun!

Beləliklə, səfər günü təyin olundu. Uşaqlar səbirsizliklə günləri sayırdılar. Enn hər axşam təqvimdə ötən günün üstünü cızırdı. Qarşıdakı bir həftə onlara çox uzun görünürdü. Nəhayət, çərşənbə axşamı gəlib çatdı.

Eyni otaqda yatan Diklə Culian səhər yuxudan da eyni vaxtda oyandılar. Həmin dəqiqə də pəncərədən çölə nəzər saldılar.

– Ura! Bu gün hava əladır! – Culian qışqırıb çarpayıdan yerə tullandı. – Niyəsini bilmirəm, ancaq həmişə arzulamışam ki, tətilin birinci günü hava günəşli olsun! Gəl gedib Enni oyadaq.

Enn qonşu otaqda yatırdı. Culian ora cumub qızın çiyinlərindən tutaraq silkələməyə başladı.

– Oyan! – o qışqırdı. – Bu gün çərşənbə axşamıdır, bayırda da gün çıxıb.

Enn yerindən sıçrayıb sevinclə Culiana baxdı.

– Axır ki! – qızcığaz dilləndi. – Fikirləşirdim ki, bu gün heç vaxt gəlib çatmayacaq. Tətildə harasa getmək necə də maraqlıdır!

Onlar səhər yeməklərini yedikdən sonra yola çıxdılar. Atanın maşını çox böyük idi, hamı və hər şey rahatlıqla ora yerləşmişdi. Ana qabaqda, atanın yanında oturmuşdu, uşaqlar isə arxada əyləşmişdilər, çamadanlardan ikisini də ayaqlarının altına qoymuşdular. Qalan əşyalar maşının yük yerində idi. Ana əmin idi ki, heç nə yaddan çıxmayıb.

Maşın Londonun yenicə canlanmağa başlayan küçələri ilə irəliləyirdi. Ata əvvəl maşını yavaş sürürdü, şəhər arxada qaldıqdan sonra isə o, sürəti artırdı. Tezliklə onlar, demək olar, bomboş şoseyə çıxdılar və maşın daha sürətlə şütüməyə başladı. Uşaqlar mahnı oxuyur və özlərini çox xoşbəxt hiss eləyirdilər.

– Bəs nə vaxt yemək yeyəcəyik? – Enn soruşdu. Qız möhkəm acmışdı.

– Bir az döz, – ana dilləndi. – Nə tez acmısan? Heç saat 11 olmayıb ki! Enn, nahar 1-in yarısından tez olmayacaq.

– Nə pis oldu! – qız məyusluqla dedi. – Mən o vaxta kimi dözə bilmərəm…

Ana çantasından şokolad çıxarıb uşaqlara payladı. Onlar da maşının pəncərəsindən yol kənarı ilə uzanan təpələrə, meşələrə, əkin sahələrinə baxa-baxa şokoladları ləzzətlə yedilər. Düz saat 1-in yarısında maşını saxlayıb təbiətin qoynunda nahar elədilər. Günəşli vadiyə baxan bir dağ yamacında özlərinə yer tapıb oturmuşdular. Enn ona yaxınlaşan qəhvəyi rəngli iri inəkdən bir az qorxdu. Ata inəyi oradan qovdu. Uşaqlar yeməklərini iştaha ilə yeyirdilər. O qədər acmışdılar ki, hətta ananın axşamüstü qəlyanaltı eləmək üçün hazırladığı buterbrodların[3 - Buterbrod – üzərinə yağ və s. çəkilmiş, yaxud pendir, kolbasa və s. qoyulmuş çörək; yüngül qəlyanaltı] da axırına çıxdılar. Ana dedi ki, gərək axşamçağı maşını bir çay evinin yanında saxlayıb qəlyanaltı eləsinlər.

– Bəs Fanni xalagilə nə vaxt çatarıq? – Culian axırıncı buterbrodu da yeyib-qurtarandan sonra soruşdu. Olsaydı, məmnuniyyətlə daha bir buterbrod da ötürərdi.

– Əgər yolda bir problem çıxmasa, saat 6-da, – ata cavab verdi. – Yaxşı, indi deyin görüm, kim hərəkət eləmək istəyir? Maşında oturmaqdan ayaqlarımız uyuşub, hələ nə qədər də yol getməliyik.

Uşaqlar ayağa qalxıb gəzişməyə başladılar. Sonra yenidən yola düşdülər. Axşamüstü qəlyanaltı vaxtı gəlib çatanda uşaqların üçü də həyəcanlı görünürdü.

– Dəniz haradasa buralara yaxın yerdədir, – Dik dedi, – qoxusu burnuma gəlir.

Dik haqlı imiş, təpənin yuxarısına çatanda günəşin şüaları altında par-par parıldayan mavi, sakit, hamar dəniz göründü. Uşaqlar sevinclə qışqırışdılar:

– Odur, ordadır!

– Çox qəşəngdir, elə deyil?

– Nə çimərdim!

– Kirrin körfəzinə çatmaq üçün cəmi iyirmi dəqiqəlik yolumuz qalıb, – ata dedi. – Tezliklə körfəzi görəcəksiniz, böyükdür, girişində də balaca bir ada var.

Onlar sahil boyunca irəlilədikcə uşaqların gözü həmin körfəzi axtarırdı. Birdən Culian qışqırdı:

– Kirrin körfəzi! Ora bax, Dik! Necə də böyük və mavidir!

– Bəs körfəzin ağzındakı balaca adanı görürsən? – Dik soruşdu. – Yəqin, biz heç vaxt ora gedib çıxa bilmərik!

– Niyə getmirsiniz ki?! – ana dilləndi. – Lakin gəlin öncə Fanni xalanın evini axtarıb-tapaq. Onun evini «Kirrin-kottec»[4 - Kottec – şəhər kənarında birailəlik kiçik ev] adlandırırlar.

Çox keçmədən onlar evə yaxınlaşdılar. Ev qayanın üstündə idi, fasadı[5 - Fasad – hər hansı bir tikilinin xarici, çölə baxan əsas tərəfi, qarşıdan görünən tərəf; öndən görüntü] körfəzə baxırdı. Bu, ağ daşdan tikilmiş çox qədim ev idi. Evin fasadını qızılgüllər bürümüşdü, bağçada isə çoxlu al-əlvan çiçəklər açmışdı.

– Bu da Kirrin-kottec! – ata təmtəraqla elan elədi.

Sonra maşını düz evin qarşısında saxladı.

– Bu evin ən azı üç yüz yaşı olar, – o dedi. – Baxın, Fanni orda dayanıb. Yaxşı, bəs Kventin haradadır?









Qəribə əmiqızı


Fanni xala bayaqdan onların yolunu gözləyirdi. O, evin qarşısında maşının dayandığını görən kimi köhnə taxta qapıdan çıxıb qonaqlara tərəf yüyürməyə başladı.

– Kirrinə xoş gəlmisiniz! – Fanni xala ucadan dedi. – Sizi burada görmək çox xoşdur! Lap böyük uşaqlar olmusunuz ki!

Bu ortayaşlı, gülərüz qadın elə ilk baxışdanca uşaqların xoşuna gəlmişdi.

Fanni xala uşaqları öpəndən sonra onlar birlikdə evə keçdilər. Uşaqlar evi də bəyəndilər. Çox qədim və sirli evə bənzəyirdi. Evdəki mebel də qədim və gözəl idi.

– Bəs Corcina haradadır? – Enn ətrafa nəzər salaraq soruşdu.

– Yaramaz qız! – Fanni xala qızının qarasınca deyindi. – Tapşırmışdım ki, bağda gözləsin, o isə harasa yoxa çıxıb! Uşaqlar, sizə deməliyəm ki, Corcla yola getmək sizin üçün bir az çətin ola bilər. O bütün vaxtını təkbaşına keçirir və yəqin ki, sizin gəlişiniz onu elə də sevindirməyəcək. Amma siz Corca fikir verməyin, tezliklə hər şey yoluna düşəcək. Mən sizin gəlişinizə bir az da ona görə sevinirəm. Çünki Corc başqa uşaqlarla da vaxt keçirməyi, ünsiyyət qurmağı öyrənməlidir.

– Siz onu Corc deyə çağırırsınız? – Enn təəccüblə soruşdu. – Mən elə bilirdim ki, adı Corcinadır…






Fanni xala bayaqdan onların yolunu gözləyirdi. O, evin qarşısında maşının dayandığını görən kimi köhnə taxta qa pıdan çıxıb qonaqlara tərəf yüyürməyə başladı.



– Düz bilirsən, – Fanni xala dedi. – Ancaq məsələ burasındadır ki, qız olmaq onun xoşuna gəlmir, buna görə də «Corc» deyə çağırmalı oluruq. Yaramaz qız ona Corcina deyə səslənəndə cavab vermir.

Uşaqlar fikirləşdilər ki, əslində, «Corc» da pis ad deyil. Onlar qızı görməyə tələsirdilər, lakin o, hələ də ortalıqda görünmürdü. Qızın əvəzinə Kventin əmi gəlib çıxdı. O çox qaşqabaqlı idi.

– Xoş gördük, Kventin! – ata onu salamladı. – Nə vaxtdır görüşmürük. Ümid eləyirəm ki, bizim uşaqlar sənin işləməyinə mane olmayacaqlar.

– Kventin çox çətin bir kitab üzərində çalışır, – Fanni xala izahat verdi. – Ancaq mən ona evin o biri tərəfində ayrıca otaq hazırlamışam. Yəqin, orada onu narahat eləyən olmaz.

Əmi bir-bir uşaqlara nəzər salıb başını tərpətdi, üzündəki ifadə qətiyyən dəyişməmişdi. Əvvəl də dediyimiz kimi, uşaqlar əmilərindən bir az çəkinirdilər, odur ki Kventinin evin o biri başındakı otaqda işləyəcəyini eşidəndə sevindilər.

– Bəs Corc haradadır? – Kventin soruşdu.

– Yenə harasa yoxa çıxıb, – Fanni xala narazılıqla dilləndi. – Hələ tapşırmışdım ki, heç yerə getməsin, burada dayanıb əmisi uşaqlarını gözləsin.

– Onu yaxşıca kötəkləmək lazımdır, – Kventin əmi dilləndi.

Uşaqlar anlaya bilmədilər ki, o zarafat eləyir, yoxsa ciddi deyir.

– Yaxşı, uşaqlar, ümid eləyirəm ki, siz burada vaxtınızı maraqlı keçirəcəksiniz, – Kventin əmi dedi. – Bəlkə, Corc da sizə baxıb ağıllanar.

Kirrin-kottecdə ana ilə ataya gecələmək üçün yer yox idi. Odur ki şam yeməyindən sonra onlar qonşu qəsəbədəki mehmanxanaya yollanmalı oldular. Ertəsi gün səhər isə mehmanxanadan birbaşa Londona yola düşəcəkləri üçün uşaqlarla vidalaşdılar. Di gəl həmin vaxt Corcina hələ də gəlib çıxmamışdı.

– Təəssüf ki, Corcinanı görə bilmədik, – ana dedi. – Ona bizdən çoxlu salam deyərsiniz. Ümid eləyirik ki, əvvəl-axır Dik, Culian və Ennlə oynamaq onun xoşuna gələcək.

Ana ilə ata maşına minərək çıxıb getdilər. Elə ki maşın döngəni burulub gözdən itdi, uşaqlar özlərini bir qədər yalnız hiss etdilər. Lakin Fanni xala dərhal onları yuxarı mərtəbəyə apararaq yataq otaqlarını göstərdi. Çox keçmədən uşaqların əhvalı düzəldi. Oğlanlara maili tavanlı otağı ayırmışdılar, buradan körfəzə möhtəşəm mənzərə açılırdı. Otaq Culianla Dikin çox xoşuna gəldi. Enn isə Corcina ilə birlikdə iri pəncərəsi çəmənliyə açılan balaca otaqda yatmalı idi. Ancaq həmin otağın da yan pəncərəsindən dəniz görünürdü. Enn buna çox sevindi. Otaq qəşəng idi, pəncərədən uzun saplaqlı qızılgüllər boylanırdı.

– Elə istəyirəm ki, Corcina tez gəlib çıxsın! – Enn dedi. – Maraqlıdır, onun görünüşü necədir?

– O, balaca, məzəli qızdır, – xala dilləndi. – Bəzən çox kobud və qaraqabaq olur, lakin xeyirxah, ürəyiyumşaqdır. Özü də dürüst qızdır. Dostluqda da çox sadiqdir. Əgər səninlə dostlaşsa, bu yoldaşlığa heç vaxt xəyanət etməz. Təəssüf ki, yaşıdları ilə çox gec dil tapır.

Enn birdən əsnəməyə başladı. Uşaqlar ona hirsləndilər, çünki bunun nə ilə nəticələnəcəyini yaxşı bilirdilər. Belə də oldu.

– Zavallı uşaq! Yol onu əldən salıb, – Fanni xala dedi. – Gərək hamınız yubanmadan yatıb dincinizi alasınız. Onda sabah səhər çox gümrah oyanarsınız.

– Sən çox səfehsən, Enn! – Fanni xala otaqdan çıxan kimi Dik əsəbi halda bacısına dedi. – Yaxşı bilirsən ki, uşaqlar əsnəməyə başlayan kimi böyüklər onları yatmağa məcbur eləyirlər. Mən yatmamışdan qabaq çimərliyə baş çəkmək istəyirdim.

– Haqlısan, – Enn yazıq-yazıq dilləndi, – özümü saxlaya bilmədim. Bir də ki, sən özün də bu dəqiqə əsnəməyə başlayacaqsan. Elə Culian da…

Doğrudan da, çox keçmədi ki, oğlanlar da əsnəməyə başladılar. İndi onlar məmnuniyyətlə yatağa uzanıb gözlərini yumar və dərin yuxuya qərq olardılar.

– Görəsən, Corcina haradadır? – Enn dilləndi. – Qəribə qızdır, elə deyil? Bizi qarşılamağa gəlmədi, şam yeməyində də yox idi. Artıq yatmaq vaxtı çatıb, hələ də gəlib çıxmayıb. Axı o, əvvəl-axır mənimlə bir otaqda yatmalıdır. Kim bilir, nə vaxt gələcək?!

Corcina peyda olanda isə uşaqların üçü də artıq şirin yuxuda idilər. Odur ki onun qapını necə açdığından, dişlərini fırçalayıb yatağına necə uzandığından xəbər tutmadılar. Enn hətta qız yatağa uzanarkən onun çarpayısının cırıldadığını da eşitmədi. Uşaqlar yol yorğunu olduqlarından daş kimi yatmışdılar. Bir də səhər günəşin şəfəqləri otağa dolanda yuxudan oyandılar. Enn gözlərini açanda əvvəl harada olduğunu kəsdirə bilmədi. Balaca bir çarpayıda uzanmışdı, otağın açıq pəncərəsindən qırmızı qızılgüllər boylanırdı. Birdən qız dünən baş verənlərin hamısını xatırladı.

«Mən Kirrin körfəzindəyəm, axı yay tətilimiz başlayıb!» – o, sevinclə öz-özünə dedi və digər böyrü üstə çevrildi. Elə bu vaxt gözü yan çarpayıda yatan qıza sataşdı. Qız adyala bürünüb yuxuya getmişdi. Enn bircə onun adyalın altından çıxmış qısa saçlarını gördü. Vəssalam! Sonra qız yerində qımıldanmağa başladı. Enn dərhal üzünü ona tutub soruşdu:

– Bura bax, sən Corcinasan?

Qız durub çarpayıda oturdu və Ennə baxmağa başladı. Onun saçları oğlansayağı vurulmuşdu. Üzünün dərisi günəşdən yanıb tünd-qəhvəyi rəng almışdı, bu, parlaq mavi gözlərini daha çox nəzərə çarpdırırdı. Dodaqlarını hirslə bir-birinə sıxmışdı, eynilə atası kimi qaşqabaqlı idi.

– Yox, – o dedi. – Mən Corcina deyiləm!

– Hə? – Enn təəccüblə dilləndi. O, əmisi qızının niyə özünü belə qəribə apardığını başa düşmürdü. – Yaxşı, bəs onda kimsən?

– Mən Corcam, – qız cavab verdi. – Məni Corc deyə çağırmasan, sənin heç bir sualına cavab verməyəcəyəm! Qız olduğuma görə özümdən zəhləm gedir. Qızların məşğul olduqları işlər məni maraqlandırmır. Mən oğlanların gördüyü işlərlə maraqlanıram. Qayanın təpəsinə bütün oğlanlardan daha cəld dırmana bilirəm. Özü də onlardan daha sürətlə üzürəm. Bu sahildəki bütün oğlanlardan daha yaxşı qayıq sürməyi bacarıram. Əgər səninlə söhbət etməyimi istəyirsənsə, məni Corc deyə çağırmalısan. Yoxsa səninlə danışmaram.

– Hə?! – Enn əmisi qızının nə qədər qəribə uşaq olduğunu fikirləşərək təəccüblə səsləndi. – Yaxşı, mənim üçün bunun heç bir fərqi yoxdur, necə istəyirsən, elə də çağıraram. Məncə, Corc yaxşı addır, Corcina adı çox da xoşuma gəlmir. Bir də ki, onsuz da sən elə oğlana oxşayırsan.

– Doğrudan? – Corcina çox sevindi. İndi qızın eyni açılmışdı. – Saçlarımı qısa kəsdirdiyim vaxt anam mənə çox hirslənmişdi. Əvvəl saçlarım çiyinlərimə düşürdü, bu, dəhşət idi!

Sonra qızların ikisi də bir-birini diqqətlə süzməyə başladılar.

– Bəs sən qız olmaqdan bezmirsən? – Corcina soruşdu.

– Əlbəttə ki, yox, – Enn dilləndi. – Bilirsən, mən qəşəng donları, gəlincikləri çox sevirəm.

– Necə?! Qəşəng donlar, gəlinciklər?! – Corcina istehza ilə dilləndi. – Yəqin, sən hələ də böyüməmisən.

Enn bu sözlərdən bərk incidi.

– Sən heç nəzakətli deyilsən, – qız dedi. – Əgər özünü belə aparsan, qardaşlarıma deyəcəyəm ki, səninlə oynamasınlar. Onlar əsl oğlanlardır, bildin? Sənin kimi özünü oğlan kimi göstərənlərdən deyillər.

– Nə olsun ki? Əgər qardaşların mənimlə pis rəftar eləsələr, heç mən özüm də onlarla oynamayacağam, – Corcina bunu deyib çarpayıdan yerə hoppandı. – Mən heç sizin bura gəlməyinizi də istəmirdim. Mənə tək yaşamaq xoş idi. İndi isə sənin kimi donlardan, gəlinciklərdən xoşu gələn səfeh bir qıza və onun iki qardaşına tab gətirməliyəm!

Enn fikirləşdi ki, onların tanışlığı heç də yaxşı başlamadı. Odur ki bir söz deməyib boz rəngli cins şalvarını və qırmızı maykasını geyindi. Corc da cins şalvarla oğlan maykasını əyninə keçirdi. Onlar elə yenicə geyinib qurtarmışdılar ki, yataq otağının qapısı bərkdən döyüldü.

– Əyninizi geyinmisiniz? – Culian qapının arxasından qışqırdı. – Corcina içəridədir? Biz onunla tanış olmaq istəyirik.

Corcina qapını aralayıb başını dik tutaraq çölə çıxdı. Qız təəccüblə ona baxan oğlanlara əhəmiyyət vermədən pilləkənlərlə aşağı düşdü. Uşaqlar mat-mat onun arxasınca baxdılar.

– Ona Corcina desəniz, sizə cavab verməyəcək, – Enn qardaşlarını xəbərdar etdi. – Məncə, o çox qəribə qızdır. Dedi ki, bizim bura gəlməyimizi də istəmirmiş, çünki biz ona mane oluruq. Məni ələ saldı, özünü çox kobud apardı.

Culian doluxsunmuş bacısını qucaqladı.

– Fikir vermə, – o dedi, – biz yanındayıq, səni ondan qoruyarıq. Gəlin aşağı düşüb səhər yeməyimizi yeyək.

Uşaqların üçü də bərk acmışdı. Mətbəxdən gələn qayğanaq qoxusu onların iştahasını bir az da artırırdı. Odur ki qaçaraq pilləkənləri düşdülər, süfrə hazırlayan Fanni xala ilə salamlaşdılar. Əmiləri Kventin masanın baş tərəfində oturub qəzet oxuyurdu. O, uşaqları görəndə yalnız başını tərpətməklə kifayətləndi. Uşaqlar dinməz-söyləməz keçib öz yerlərində oturdular. Fikirləşirdilər ki, görəsən, burada yemək vaxtı danışmağa icazə verilir, ya yox? Öz evlərində danışmağa icazələri var idi, ancaq Kventin əmi elə acıqlı görünürdü ki, bu barədə soruşmağa ürək eləmədilər. Corcina da burada idi, əlindəki çörək diliminə yağ sürtürdü. Arabir uşaqları qaşqabaqlı şəkildə, gözucu süzürdü.

– Qaşqabağını sallama, Corc! – anası ona təpindi. – Ümid eləyirəm ki, siz artıq dostlaşmısınız. Sən bu səhər uşaqları körfəzə baxmağa aparmalısan. Harada çimə biləcəklərini onlara göstərərsən.

– Mən bu gün balıq tutmağa gedəcəyəm, – Corc dilləndi.

Atası bu sözləri eşidən kimi gözlərini qəzetdən çəkib ona tərəf baxdı.

– Xeyr! Balıq tutmağa getməyəcəksən! – Kventin əmi dedi. – Sən əvvəl-axır özünü tərbiyəli qız kimi aparmalısan, ya yox? Uşaqlara körfəzi göstər! Eşitdin?

– Yaxşı, – Corc hirsli-hirsli mızıldandı.

– Əgər Corc balıq tutmağa getmək istəyirsə, körfəzi biz özümüz də gəzə bilərik, – Enn dilləndi.

Qız fikirləşirdi ki, bu acıqlı əmiqızı ilə yol yoldaşı olmaqdansa, körfəzə elə özləri getsələr, yaxşıdır.

– Corc nə deyilibsə, onu da eləyəcək! – Kventin əmi dedi. – Əgər eləməsə, özündən küssün!

Beləliklə, səhər yeməyindən sonra uşaqlar dördlükdə çimərliyə yollandılar. Maili cığır onları düz körfəzə aparırdı. Uşaqlar sevinclə üzüaşağı qaçmağa başladılar. Hətta artıq Corc da qaşqabağını tökmürdü. Tezliklə günəşin şüaları altında par-par parıldayan mavi dəniz göründü.

– İstəyirsənsə, balıq tutmağa gedə bilərsən, – sahilə çatanda Enn Corcinaya dedi. – Atana bir söz demərik. Biz sənə mane olmaq istəmirik. Əgər bizimlə qalmaq istəmirsənsə, özün bilərsən.

– Ancaq, hər bir halda, bizim yanımızda qalsan, çox şad olarıq, – bu dəfə Culian dilləndi. Onun nəinki bu kobud qızdan zəhləsi getmir, hətta Corcinanın dikbaşlığı bir az xoşuna da gəlirdi.

Qız Culiana ötəri nəzər saldı.

– Mən sizinlə qohum olduğumuza görə, ya da başqa səbəbdən dostluq eləmək fikrində deyiləm, – Corcina dedi. – Mən yalnız xoşuma gələn adamlarla dost oluram.

– Elə biz də, – Culian cavab verdi. – Bəlkə, heç sən də bizim xoşumuza gəlmirsən?

– Hə?! – qızın üzündə elə ifadə vardı, sanki bu ehtimal heç vaxt onun ağlına gəlməmişdi. – Əlbəttə, belə də ola bilər, – o, bir az fikirləşəndən sonra dilləndi. – Həqiqətən də, məndən çox adamın xoşu gəlmir.

Enn gözlərini körfəzin mavi sularına zilləmişdi. Birdən onun nəzərləri dənizin ortasındakı adaya ilişdi. Adanın lap ortasında qədim qəsrin xarabalıqlarını xatırladan dağıntılar vardı.

– Necə də maraqlı yerə bənzəyir. Görəsən, necə adlanır? – Enn dedi.

– O, Kirrin adasıdır, – Corcina üzünü əmisi qızına tutub dedi. – Çox gözəl yerdir. Əgər mənim xoşuma gəlsəniz, bəlkə, nə vaxtsa sizi ora apararam. Ancaq hələlik heç nə vəd eləmirəm. Bir də ki, ora yalnız qayıqla getmək olar.

– Bəs bu ada kimə məxsusdur? – Culian soruşdu.

Corcinanın cavabından uşaqların gözləri bərələ qaldı.

– Mənə, – qız dedi. – Hər halda, əvvəl-axır bu belə olacaq. Kirrin adası və oradakı qəsrin sahibi özüm olacağam.




Qəribə əhvalat və yeni dost


Bu sözləri eşidən uşaqlar heyrətlə Corcinaya baxdılar, qız da gözlərini onlara zilləmişdi.

– Sən nə demək istəyirsən? – nəhayət, Dik soruşdu. – Kirrin adası sənə məxsus ola bilməz. Boş yerə lovğalanma.

– Heç də lovğalanmıram, – Corcina cavab verdi. – İnanmırsınızsa, anamdan soruşarsınız. Əgər dediklərimə şübhə ilə yanaşsanız, bundan sonra ağzımı açıb bir kəlmə də danışmayacağam. Çünki heç vaxt yalan demirəm. Yalançıları qorxaq adam hesab eləyirəm, mən isə qorxaq deyiləm.

Həmin vaxt Culian Fanni xalanın Corcina haqqında söylədiklərini xatırladı. O demişdi ki, Corcina dürüst qızdır, heç vaxt yalan danışmır. Odur ki oğlan boynunun ardını qaşıyıb bir daha diqqətlə qıza nəzər saldı. Bəlkə, o, düz deyir?

– Əlbəttə ki, biz sənə inanmaq istərdik, – Culian dilləndi. – Ancaq bilirsən, bu, bir qədər qəribə səslənir. Adətən, uşaqlar ada sahibi olmurlar. Hətta bu ada kimi balaca olsa belə…

– Bu heç də balaca ada deyil, – Corcina etiraz elədi. – Orada adadovşanları var, ələ öyrəşiblər, adanın o biri tərəfində isə nəhəng qarabatdaqlar[6 - Qarabatdaq – balıqla qidalanan uzunboğaz, qısaayaq, cəld üzən su quşu] yaşayır. Bu adaya müxtəlif quşlar uçub-gəlir. Adadakı qəsr də çox-çox qəşəngdir, düzdür, bir az dağılıb…

– Maraqlıdır, – bu dəfə Dik dilləndi. – Lakin, Corcina, bizə deyə bilərsənmi bu ada haradan sənin olub?

Corcina ona qəzəblə baxıb dillənmədi.

– Bağışla, – Dik tələm-tələsik əlavə elədi: – Çaşıb sənə Corcina dedim, əslində, Corc demək istəyirdim…

– Davam elə, Corc. Bizə danış görək, niyə belə hesab eləyirsən ki, ada sənə məxsusdur? – Culian bunu deyib qəzəbli əmisi qızının əlini tutmaq istədi, ancaq Corcina dərhal onun əlini geri itələdi.

– Bir də belə eləmə! – qız dedi. – Mən hələ bilmirəm, sizinlə dost olacağam, ya yox!

– Yaxşı, yaxşı, – Culian hirslə dilləndi, – istəyirsən, lap düşmən olaq, düzü, bizim üçün fərqi yoxdur. Lakin onu bil ki, hamımız sənin ananı çox sevirik və istəməzdik ki, o bizim səninlə dostluq etmək fikrində olmadığımızı düşünsün.

– Deyirsiniz, anamı çox istəyirsiniz? – Corcina soruşdu. Artıq qızın parlaq mavi gözlərindən qəzəb yağmırdı. – Yaxşı, onda sizə Kirrin adasının niyə mənə məxsus olduğunu danışaram. Gedək bir küncdə oturaq ki, söhbətimizi heç kim eşitməsin.

Onlar çimərliyin sakit guşəsinə çəkilib ilıq qumun üstündə oturdular. Corcina körfəzdəki adaya tərəf baxırdı.

– Deməli belə… – qız nəql etməyə başladı. – Uzun illər bundan əvvəl anamın nəsli bütün bu torpaqların sahibi olub. Sonra onlar var-dövlətlərini itirməyə başlayıblar və torpaqların böyük bir hissəsini satmaq məcburiyyətində qalıblar. Ancaq bu balaca adanı heç kim almaq istəməyib. Fikirləşiblər ki, dənizin ortasındakı bu kiçik torpaq sahəsi heç bir işə yarıyan deyil. Üstəlik, oradakı qəsr də hələ o vaxtdan yarıuçuq vəziyyətdə idi.

– İşə bir bax! Heç kim belə gözəl adanı almaq istəməyib! – Dik ucadan dedi. – Əgər mənim pulum olsaydı, bir dəqiqə belə fikirləşmədən bu adanı alardım.

– Anamın ailəsinin sərvətindən bizə bircə indi içində yaşadığımız ev, yəni Kirrin-kottec, bir az uzaqda yerləşən ferma, bir də Kirrin adası qalıb, – Corcina sözünə davam elədi. – Anam deyir ki, böyüyəndə o ada mənim olacaq. Əslində, ada elə indidən mənim ola bilər. Anam deyir, bu torpaq parçası ona lazım deyil. Bu mənim xüsusi adamdır və heç kimə icazə vermərəm ki, məndən xəbərsiz ora ayaq bassın.

Uşaqların üçü də təəccüblə qıza baxırdılar. Onlar Corcinanın ağzından çıxan hər kəlməyə inanmışdılar, aydın məsələ idi ki, qız bütün bunları özündən uydurmur. İşə bir bax! Corcinanın öz adası var imiş! Deyəsən, onun bu həyatda bəxti yaman gətirib!

– Corcina! – Dik qışqırdı. – Ay, çaşdım, Corc! Bu ada çox gözəl görünür. Ümid eləyirəm ki, sən bizimlə dostlaşarsan və tezliklə bizi ora apararsan. Təsəvvür edə bilməzsən ki, biz bunu nə qədər çox istəyirik!

– Bilmək olmaz, bəlkə də, apararam, – danışdığı əhvalatın uşaqlara yaman təsir etdiyini görən Corcina razılıqla dilləndi. – Baxarıq… Mən hələ heç kimi ora aparmamışam. Bilirsiniz, digər uşaqlar necə dil tökürdülər?! Ancaq mənim xoşuma gəlmədiklərinə görə onları öz adama buraxmadım.

Araya sükut çökdü: hamı gözünü körfəzə, onun sakit suları ilə əhatə olunmuş adaya zilləmişdi. Körfəzdə çəkilmə[7 - Çəkilmə – dəniz suyu səviyyəsinin vaxtaşırı olaraq enməsi, düşməsi, geriləməsi; qabarma prosesinin əksi] başlamışdı. İndi uşaqlara elə gəlirdi ki, suyun üstü ilə yeriyərək adaya çata bilərlər. Hətta Dik bunun mümkün olub-olmadığını soruşdu.

– Yox, axı mən dedim ki, ora yalnız qayıqla getmək olar, – Corcina dilləndi. – Sahildən adaya qədər olan məsafə göründüyündən daha çoxdur. Su da çox dərindir. Bundan başqa, ada riflərlə[8 - Rif – dənizin dayaz sahələrində sualtı və ya üzə çıxmış qayalar] əhatə olunub, ona görə də qayığı hara sürəcəyini dəqiq bilməlisən, yoxsa qayalıqlarla toqquşarsan. Adanın sahili təhlükəlidir. Ətrafda çoxlu batmış gəmi var.

– Batmış gəmilər! – Culian qışqırdı. Maraqdan onun gözləri parıldayırdı. – Bilirsən, mən ömrümdə bircə dənə də batmış gəmi görməmişəm. Doğrudan, orada çoxlu gəmi var?

– İndi yoxdur, hamısını çıxarıb aparıblar, bircəciyindən başqa. O da adanın digər tərəfində, suyun lap dərinliyindədir. Yalnız onun üstündən üzüb keçəndə və aşağıya, suyun altına baxanda qırıq dorağacı görünür. Həmin batmış gəmi də mənimdir.






Araya sükut çökdü: hamı gözünü körfəzə, onun sakit suları ilə əhatə olunmuş adaya zilləmişdi. Körfəzdə çəkilmə başla mışdı. İndi uşaqlara elə gəlirdi ki, suyun üstü ilə yeriyərək ada ya çata bilərlər.



Bu dəfə qıza, ümumiyyətlə, inanmaq mümkün deyildi! Ancaq Corcina qətiyyətlə başını tərpədib dedi:

– Bəli, gəmi mənim ulu babalarımdan birinə məxsus olub. Onunla qızıl daşıyırmış, hamısı da iri külçə formasında… Evə qayıdanda isə gəmi Kirrin adasının yaxınlığında suya qərq olub.

– İşə bir bax! – Enn təəccüblə dilləndi. – Heyrətdən qızın gözləri bərəlmişdi. – Bəs qızıllar necə olub?

– Bunu heç kim bilmir, – Corcina dedi. – Yəqin, gəmidən oğurlayıblar. Çünki dalğıclar neçə dəfə suyun altına dalsalar da, gəmidən heç nə tapmayıblar.

– Nə maraqlıdır! – Culian dilləndi. – Mən bu batmış gəmini öz gözlərimlə görmək istərdim.

– Elə isə biz günortadan sonra ora yollana bilərik, həmin vaxt çəkilmə bir az da artır, – Corcina dedi. – Bu gün su elə sakit və şəffafdır ki, gəminin bir hissəsini görə bilərik.

– Lap qiyamət olar! – Enn sevincək dedi. – Mən də batmış gəmini öz gözlərimlə görmək istəyirəm.

Uşaqlar gülüşdülər.

– Bəs indi ora üzə bilərik? – Dik Corcinadan soruşdu.

– Əvvəlcə mən gərək gedib Timotini gətirim, – qız bunu deyib ayağa qalxdı.

– Timoti kimdir?

– Siz sirr saxlamağı bacarırsınız? – Corcina suala sualla cavab verdi. – Axı evdə heç kim onun barəsində bilməməlidir.

– Nə sirr? – Culian səbirsizliklə soruşdu. – Bizə hər şeyi danışa bilərsən. Biz xəbərçi deyilik.

– Timoti mənim ən yaxın dostumdur, – Corcina izah elədi. – Mən onsuz yaşaya bilmərəm, ancaq anamla atamın ondan xoşları gəlmir. Odur ki evdə bu barədə bir kəlmə də danışmamalısınız. Gedib onu gətirim.

Corcina bunu deyib cığırla üzüyuxarı qaçmağa başladı. Uşaqlar onun arxasınca maraqla baxırdılar. İndi Corcina onların nəzərində dünyanın ən qəribə qızı idi.

– Bu Timoti haradan çıxdı? – Culian dilləndi. – Yəqin, balıqçı ailəsindən olan hansısa oğlandır. Ona görə də Corcinanın valideynləri onunla dostluq etməsini istəmirlər.

Uşaqlar yumşaq qumun üstünə uzanıb gözləməyə başladılar. Çox keçmədən qızın cingiltili səsi eşidildi.

– İrəli, Timoti, irəli!

Uşaqlar cəld dönüb ona tərəf baxdılar. Oğlan-zad gözə dəymirdi. Əvəzində iri, qəhvəyi rəngli, uzun quyruqlu bir həyət iti Corcinanın ətrafında hoppanıb-düşərək qayalıqdan aşağı gəlirdi. Onlar gəlib uşaqların yanına çatanda Corcina iti göstərib dedi:

– Baxın, Timoti budur. – Mən onu qısaca Timmi deyə çağırıram. Çox qəşəngdir, elə deyil?

Əslində, Timotidə gözəllikdən əsər-əlamət yox idi. Bədəni namünasib formada idi: başı çox böyük, qulaqları sallaq, quyruğu da həddindən artıq uzun idi. Hansı cinsdən olduğunu da müəyyənləşdirmək mümkün deyildi. Ancaq it elə cəld, elə mehriban və gülməli idi ki, uşaqların dərhal xoşuna gəldi.

– Sən nə sevimli heyvansan, – Enn itə yaxınlaşıb dedi. İt dərhal onun burnunu yalamağa başladı. – Necə də istiqanlıdır!








– Nə qəşəng itdir! – Dik də bunu deyib Timotini sığallamağa başladı. İt onun ətrafında dəli kimi hoppanıb-düşürdü.

– Mən də istərdim ki, belə bir itim olsun! – Culian dilləndi. – Necə sevimli heyvandır!

O, həqiqətən, itləri çox sevirdi və həmişə arzulayırdı ki, onun da balaca bir köpəyi olsun.

Corcina əmisi uşaqlarının söylədiklərini eşidincə məmnunluqla gülümsündü. Sonra qumun üstündə oturdu, it isə onun əllərini, ayaqlarını yalamağa başladı.

– Mən onu çox istəyirəm, – qız dedi. – Timmini bir il bundan əvvəl süpürgə kollarının içindən tapmışdım, onda lap balaca idi. Evə gətirdim, di gəl böyüyəndən sonra nadinclik eləməyə başladı.

– Nə edirdi ki? – Enn soruşdu.

– Evdə nə görsə, ağzına salıb çeynəyirdi, – Corcina sözünə davam elədi. – Didib yararsız hala salmadığı bir şey qalmamışdı: anamın ən gözəl şlyapasını və aldığı təzə xalçanı, atamın çəkələklərini, kağız-kuğuzlarını, bir sözlə, çox şeyi… Bir də ki, elə hey hürürdü. Timotinin hürməsi mənim xoşuma gəlir, atamın isə yox… Deyir ki, itin hürməsi onun əsəblərini korlayır. Buna görə də mənə Timmini evə gətirməyi qadağan elədi. Anam da atamın tərəfini saxladı. Həmin vaxt mən günlərlə ağladım. Halbuki başqa vaxt gözümdən bir damcı da yaş çıxmaz. Axı oğlanlar ağlamaz, elə deyil? Mən isə oğlanlar kimi olmaq istəyirəm.

– Hərdən oğlanlar da ağlayır, – Enn qardaşı Dikə baxaraq dedi. – Məsələn, bizim Dik üç-dörd il bundan əvvəl hər şeyə zırıldayırdı.

Dik bacısının böyrünə bir dümsük vurdu, qız dərhal səsini kəsdi.

– Oğlanlar heç vaxt ağlamır, – Corcina Ennə baxaraq qətiyyətlə dedi. – Hər halda, mən ağlayan oğlan görməmişəm. Özüm də çalışıram ki, heç vaxt ağlamayım. İntəhası Timotidən ayrı qalacağımı fikirləşəndə özümü saxlaya bilmədim. Təsəvvür edirsiniz, hətta o da ağlayırdı!

Uşaqlar təəccüblə Timotiyə baxdılar. Onlar itlərin ağladığını bilmirdilər.

– Necə yəni, ağlayırdı? – Enn soruşdu. – Əməlli-başlı gözündən yaş axırdı?

– Yox, elə deyil, – Corcina cavab verdi. – O dayanmadan zingildəyirdi. Özü də elə yazıq görkəm almışdı ki, ona baxanda ürəyim parçalanırdı. Mən ondan ayrıla bilməzdim.

– Bəs sonra nə oldu? – Culian maraqla soruşdu.

– Ceyms adında tanış bir oğlan var, balıqçı oğludur. Onun yanına gedib soruşdum ki, Timotini öz yanında saxlaya bilər, ya yox? Dedim ki, əvəzində bütün cibxərcliyimi ona verərəm. O da razılaşdı. İndi Timoti onun yanında qalır. Mənimsə heç vaxt pulum olmur. Bütün pulumu ona xərcləyirəm. Yarısını balıqçının oğluna verirəm, yarısına da Timmi üçün yemək alıram. Axı o, çox yemək yeyir. Düzdür, Timmi?

– Hav-hav! – it iki dəfə hürüb qabaq pəncələrini irəli uzatdı. Culian onu qıdıqlamağa başladı.

– Bəs ürəyin şirin bir şey istəyəndə nə edirsən? Məsələn, dondurma, – özünə verilən cibxərcliyinin çox hissəsini şirniyyata xərcləyən Enn maraqla soruşdu.

– Heç nə, – Corcina dedi. – Şirniyyatsız da keçinərəm.

Bu, uşaqlara çox dəhşətli gəldi: axı onlar dondurmanı, şokoladı və başqa şirniyyatları çox sevirdilər.

– Bəs çimərlikdəki başqa uşaqlar səni dondurmaya və ya konfetə qonaq eləmirlər? – Culian soruşdu.

– Mən onlardan heç nə götürmürəm, – Corcina dedi. – Əgər özüm kimisə qonaq eləyə bilmirəmsə, onda həmin adamdan nəsə götürmək doğru deyil.

Elə bu vaxt uzaqdan dondurmasatanın zınqırov səsi gəldi. Culian dərhal əlini cibinə atdı. Dəmir pullarını cingildədə-cingildədə dondurmasatana tərəf qaçmağa başladı. Bir neçə dəqiqədən sonra əlində dörd dənə böyük şokoladlı dondurma ilə qayıdıb gəldi. Dondurmalardan birini Dikə, digərini Ennə verdi, üçüncüsünü isə Corcinaya uzatdı. Qız dondurmaya acgözlüklə baxsa da, başını bulayıb geri çəkildi.

– Çox sağ ol, istəmirəm, – o dedi. – Sən bilirsən ki, mənim dondurma almağa pulum yoxdur, sizdən də götürə bilmərəm. Bu, doğru deyil. Çünki özüm sizi heç vaxt dondurmaya qonaq edə bilməyəcəyəm.

– Bizdən götürə bilərsən, axı biz sənin qohumunuq, – Culian bunu deyib dondurmanı bir də qıza tərəf uzatdı.

– Yox, çox sağ ol, – Corcina təkidlə dilləndi. O, mavi gözlərini Culiana zilləmişdi. Oğlan isə bu inadkar qıza baxıb fikirləşirdi ki, görəsən, onu dondurmanı götürməyə necə məcbur etmək olar. O, birdən gülümsəyərək dedi: – Qulaq as, sənin bizimlə paylaşa biləcək çox şeyin var. Sən özündə olanları bizimlə bölüşərsən, biz də səninlə… Məsələn, dondurmamızı. Razısan?

– Məndə sizinlə bölüşə biləcəyim nə var ki? – Corcina təəccüblə soruşdu. O, ailənin tək övladı olduğundan əşyalarını kiminləsə bölüşməyə alışmamışdı.

– Məsələn, sənin itin var, – Culian bunu deyib Timotini tumarlamağa başladı. – Bizim onunla oynamağımıza icazə verərsən. Üstəlik, öz adan da var! Bəlkə, nə vaxtsa bizi ora apararsan. Hələ mən suyun altındakı batmış gəmini demirəm. Əgər icazə versən, biz onu görmək istərdik. Əlbəttə, dondurma və şirniyyat bütün bunlarla müqayisədə heç nədir, lakin elə məsələ də bundadır. Kimin nəyi varsa, onu da bölüşür.

Corcina oğlanın gözlərinin içinə baxdı, Culian da ona baxıb gülümsədi. Timoti də Culiana baxırdı. İt başa düşmüşdü ki, oğlan Corcinaya nəsə ləzzətli bir şey vermək istəyir. Odur ki sevinclə Culiana tərəf hoppandı.

– Görürsən, Timmi də istəyir ki, buna razılıq verəsən, – oğlan gülərək dedi. – Onun daha üç dostu olsa, pisdir məgər?

– Yaxşı, – nəhayət, Corcina razılaşdı və Culianın əlindən şokoladlı dondurmanı aldı. – Çox sağ ol, Culian. Mən də özümdə olanları sizinlə bölüşəcəyəm. Ancaq bir şərtlə! Evdə Timoti barədə heç kimə bir kəlmə də deməyin!

– Əlbəttə, demərik, – Culian onu arxayın elədi. – Hə, necə dondurmadır?

– Çox ləzzətlidir. Ömrümdə belə dadlı dondurma yeməmişdim. Bu yay bir dəfə də olsun, dilimə dondurma dəyməyib.

Timoti də dilini çıxarıb dondurma payını gözləyirdi. Corcina öz dondurmasından bir parça qoparıb ona verdi. Sonra uşaqlara baxıb gülümsədi.

– Siz mənim xoşuma gəlirsiniz, – qız dedi. – Bura gəldiyinizə görə çox şadam. Günortadan sonra qayığı götürüb adaya tərəf üzərik. Bəlkə, batmış gəmini də gördük. Razısınız?

– Əlbəttə! – uşaqların üçü də bir ağızdan dilləndi. Hətta Timoti də sanki nədən söhbət getdiyini başa düşərək quyruğunu yellətdi.




Qeyri-adi səyahət


Sonra uşaqlar birlikdə dənizdə çimməyə yollandılar. Corcina çox sürətlə üzürdü. Oğlanlar qızın onlardan daha yaxşı üzdüyünü dərhal başa düşdülər. O, nəfəsini uzun müddət tutaraq suyun altı ilə üzməyi də bacarırdı.

– Qiyamət üzürsən, – Culian dedi. – Təəssüf ki, Enn suyun üstündə yaxşı qala bilmir. Enn, ayaqlarını bir az da sıx, yoxsa sən heç vaxt bizim kimi uzağa üzə bilməyəcəksən.

Dənizdə çiməndən sonra uşaqlar bərk acmışdılar. Evdə onları ət, salat, gavalı piroqu və pendirdən ibarət dadlı nahar yeməyi gözləyirdi. Uşaqlar ovurdlarını şişirdərək iştaha ilə yeyirdilər. Onlar Kventin əminin süfrə arxasında olmadığını görəndə möhkəm sevinmişdilər.

– Nahardan sonra nə etmək fikrindəsiniz? – Fanni xala soruşdu.

– Corc bizi qayıqla adanın o biri tərəfinə, batmış gəminin olduğu yerə aparacaq, – Enn cavab verdi.

Fanni xala bunu eşidib çox təəccübləndi.

– Sizi ora Corc aparacaq?! Corc, bu, doğrudur? Axı sən əvvəl ora heç kimi aparmırdın? Mən özüm səndən bunu dəfələrlə xahiş eləmişəm.

Corcina səssizcə gavalı piroqunu yeməklə məşğul idi. Bütün nahar boyunca onun ağzından bir kəlmə də çıxmamışdı.

– Bilirsən, Corc, mən çox sevinirəm ki, sən atanın məsləhətinə əməl etməyə çalışırsan, – anası dedi.

Corcina bu dəfə də dillənmədi və başını yelləməklə kifayətləndi.

– Mən bunu atam tapşırdığına görə eləmirəm, – nəhayət, qız yeməyini bitirdikdən sonra dilləndi. – Ona görə eləyirəm ki, bunu özüm istəyirəm. Yoxsa heç İngiltərə kraliçasını da ora aparmazdım.

Anası güldü.

– Olsun, bu, yaxşı xəbərdir, deməli, əmin uşaqları sənin xoşuna gəlib. Ümid eləyirəm ki, sən də onların xoşuna gəlmisən.

– Əlbəttə, xoşumuza gəlib, – Enn tez-tələsik dilləndi. O, qəribə xasiyyətli əmisi qızını müdafiə eləməyə can atırdı. – Corc da xoşumuza gəlib, hələ, üstəlik, Tim…

Qız ağzını doldurmuşdu ki, Timotini də çox bəyəndiklərini desin, ancaq həmin vaxt kimsə masanın altından ayağına bir təpik ilişdirdi. Enn ağrıdan qışqırdı, qızın gözləri də dolmuşdu. Corcina isə qəzəblə ona baxırdı.

– Corc! Niyə Enni vurursan? – anası qızın üstünə təpindi. – Bu dəqiqə masadan qalx! Sənin bu tərbiyəsizliyinə göz yuma bilmərəm!

Corcina bir kəlmə də dillənmədən ayağa qalxıb bağa getdi. Uşaqlar çox məyus olmuşdular. Enn hamıdan çox kədərlənmişdi. O necə bu qədər axmaq ola bilərdi axı?! Məgər bilmirdi ki, Fanni xalanın yanında Timoti barədə heç nə deməməlidir?!

– Xahiş edirəm, icazə verin, Corc bura qayıtsın, – Enn qızın anasına yalvarmağa başladı. – O məni vurmaq istəmirdi, bu, təsadüfən baş verdi.

Ancaq Fanni xala Corcinaya bərk qəzəblənmişdi.

– Yeməyinizi yeyin! – o dedi.

Sonra qızının qarasınca deyinməyə başladı:

– İndi bütün gün mısmırığını sallayacaq! Ay Allah, necə çətin uşaqdır!

Uşaqlar isə Corcinanın mısmırığını sallamasından yox, onları batmış gəminin yanına aparmayacağından narahat idilər.

Beləliklə, nahar sükut içində başa çatdı. Birazdan Fanni xala çayını təzələmək üçün Kventin əminin iş otağına yollandı. O, otaqdan çıxan kimi Enn Corcinanın boşqabından yarımçıq qalmış buterbrodu götürüb bağa tərəf qaçdı.

Corcina bağdakı iri ağaclardan birinin kölgəsində uzanmışdı. Enn qıza yaxınlaşdı.

– Bağışla məni, Corc, az qala ağzımdan qaçıracaqdım, – o dedi. – Bax, buterbrodunu gətirmişəm. Bir də heç vaxt Fanni xalanın yanında Timotinin adını çəkməyəcəyəm, söz verirəm!

Corcina dikəlib oturdu:

– Mən belə fikirləşirəm ki, bu gün səni batmış gəminin yanına aparmayım. Çünki sən lap çağasan!

Ennin qanı qaraldı, o hər şeydən çox elə bundan qorxurdu.

– Yaxşı, – qız dilləndi. – Məni aparmaya bilərsən, Corc, amma qardaşlarımı özünlə götür. Axı onlar sənə heç nə eləməyiblər. Yeri gəlmişkən, bilirsən ayağıma necə möhkəm təpik ilişdirdin? Bax, yeri də göyərib.

Corcina əvvəl qızın göyərmiş ayağına, sonra da üzünə baxıb dilləndi:

– De görüm, qardaşlarını özümlə aparıb səni götürməsəm, çox pis olarsan?

– Əlbəttə, pis olaram. Ancaq istəmirəm ki, mənim ucbatımdan onlar da adaya gedə bilməsinlər.

Elə bu vaxt Corcina qətiyyən ondan gözlənilməyən bir hərəkət elədi. O, Enni qucaqladı! Və elə o dəqiqə də bu hərəkətindən utandı. Axı heç bir oğlan uşağı bu cür eləməzdi. O isə həmişə özünü oğlan kimi aparmağa çalışırdı.

– Hər şey qaydasındandır, – Corcina üz-gözünü turşudaraq Ennin əlindəki pendir-çörəyi aldı. – Sən az qala axmaq bir hərəkət eləyəcəkdin, mən də sənə dərsini verdim. Deməli, əvəz-əvəz oldu. Odur ki sən də bizimlə adaya gələ bilərsən.

Enn bunu eşidib sevindi, dərhal evə tərəf qaçdı ki, şad xəbəri qardaşlarına çatdırsın.


***

On beş dəqiqədən sonra uşaqlar dördlükdə yoxuşu enib çimərliyə çatdılar. Dərisi günün altında yanıb-qaralmış balıqçı oğlu qayığın yanında dayanıb onları gözləyirdi. Timoti də onun yanında idi.

– Qayıq hazırdır, Corc, – oğlan bunu deyib gülümsündü. – Timotini də gətirmişəm.

– Çox sağ ol!

Corcina oğlana təşəkkür edib uşaqlara tapşırıq verdi ki, qayığa minsinlər. Timoti də cəld tullanıb özünü qayığa atdı. Corc qayığı sahildən suya tərəf itələdi, özü də içinə hoppanıb avarları əlinə aldı. O, əla avar çəkirdi. Qayıq körfəzin mavi suları boyunca irəliləməyə başladı. Hava günəşli idi, qayığın içindəki uşaqların üzü gülürdü. Hər dəfə sudan dalğalar qabaranda it qayığın burnuna tərəf qaçaraq hürməyə başlayırdı.

– Küləkli günlərdə o özünü çox gülməli aparır, – avarlara güc verən Corcina dedi. – İri dalğalara bərk əsəbiləşir, dəli kimi elə hey hürür. Bilirsiniz, Timoti əla üzgüçüdür.

– Yanımızda itin olması çox yaxşıdır, elə deyil? – Enn ehtiyatla dilləndi. O, hələ də nəyisə düz deməyəcəyindən qorxurdu. – Timoti mənim elə xoşuma gəlir ki!

– Hav-hav! – it sanki qızın onun haqqında danışdığını başa düşüb iki dəfə hürdü.

– Deyəsən, o mənim dediklərimi anladı, – Enn heyrətlə dilləndi.

– Əlbəttə, anladı! – Corcina təsdiqlədi. – O hər şeyi başa düşür.

– Biz sənin adana yaxınlaşırıq! – Culian həyəcanla dillənərək onların sözünü kəsdi. – Sən demə, o, sahildə göründüyündən daha böyük imiş! Qəsr də çox qəşəngdir!

Qayıq lap yaxına çatanda onlar adanın başdan-başa sərt riflərlə əhatə olunduğunu gördülər. Bu qayalıqların arasındakı keçidlərdən xəbərsiz olan heç bir gəmi və ya qayıq balaca adanın sahilinə yaxın düşə bilməzdi. Adanın lap mərkəzində, alçaq təpənin üstündə iri, ağ daşlardan inşa olunmuş qədim qəsrin dağıntıları gözə dəyirdi. Uçub-tökülmüş tağlar, dağılmış qüllələr, xarabalığa çevrilmiş divarlar – bir vaxtlar adanın möhtəşəm tikilisi olan qəsrdən indi bircə bunlar qalmışdı. Xaraba qəsrin sakinləri isə indi yalnız qağayılar, qarabatdaqlar və başqa quşlar idi.

– Bu çox sehrli qəsrə bənzəyir, – Culian dedi. – Mən ona lap yaxından baxmaq istərdim. Hətta bir gecə burada qalsaq, lap əla olardı! Elə deyil?





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289652) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Körfəz – böyük su hövzəsinin (okean, dəniz, göl) quruya çox daxil olmuş, lakin onunla sərbəst su əlaqəsini saxlayan nisbətən kiçik hissəsi




2


Əvvəllər ev telefonu ilə bir şəhərdən digərinə zəng vurmaq üçün birbaşa nömrəni yığmaq mümkün deyildi, bunun üçün rabitə qovşağına zəng vurub sifariş vermək lazım gəlirdi.




3


Buterbrod – üzərinə yağ və s. çəkilmiş, yaxud pendir, kolbasa və s. qoyulmuş çörək; yüngül qəlyanaltı




4


Kottec – şəhər kənarında birailəlik kiçik ev




5


Fasad – hər hansı bir tikilinin xarici, çölə baxan əsas tərəfi, qarşıdan görünən tərəf; öndən görüntü




6


Qarabatdaq – balıqla qidalanan uzunboğaz, qısaayaq, cəld üzən su quşu




7


Çəkilmə – dəniz suyu səviyyəsinin vaxtaşırı olaraq enməsi, düşməsi, geriləməsi; qabarma prosesinin əksi




8


Rif – dənizin dayaz sahələrində sualtı və ya üzə çıxmış qayalar



“Möhtəşəm beşlik” seriyasının ilk kitabı olan «Dəfinələr adasının sirri» romanı dörd uşaq və onların sevimli köpəyinin batmış gəmidəki xəzinəni ələ keçirmək istəyən qara qüvvələrlə gərgin mübarizəsi haqqındadır.

Как скачать книгу - "Dəfinələr adasının sirri" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Dəfinələr adasının sirri" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Dəfinələr adasının sirri", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Dəfinələr adasının sirri»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Dəfinələr adasının sirri" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Видео по теме - Bu evin sirri nədir? - 3 gün qala buləni 500 min avro gözləyir

Книги серии

Книги автора

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *