Книга - Gizli laborotoriya

a
A

Gizli laborotoriya
Enid Blayton


Möhtəşəm beşlik
“Möhtəşəm beşlik” seriyasından bu kitabda elmi araşdırmalarla məşğul olan Kventin əminin həyatına yaranan təhlükədən danışılır. Lakin dörd uşaq və onların sevimli köpəyi naməlum şəxslərin bütün planlarını pozurlar…





Enid Blayton

GİZLİ LABORATORİYA





Corca məktub gəlir


Enn, adəti üzrə, otağın bir guşəsinə çəkilib dərslərini hazırlayırdı. Birdən əmisi qızı Corc güllə kimi içəri girdi. Əslində, bu qızın adı Corc yox, Corcina idi, lakin qız olmaqdan xoşu gəlmədiyi üçün həmin adla çağıranda cavab vermirdi.

Hə, harada qalmışdıq? Corc qaçaraq otağa gəldi. Onun qısa, oğlansayağı vurulmuş saçları üzünə dağılmışdı, parlaq mavi gözlərindən qəzəb yağırdı.

– Enn, mən elə indicə evimizdən məktub almışam, – Corc həyəcanla dilləndi. – Təsəvvür eləyirsən, atam bizim adaya yollanmaq fikrinə düşüb! Onun nəsə vacib işi var, adada bir neçə ay qalacaq! Hələ, üstəlik, qəsrimizin həyətində qüllə də tikdirmək istəyir…

Enn gözlərini oxuduğu kitabdan çəkib təəccüblə Corca baxdı və əlini əmisi qızının burnunun ucunda yellədiyi məktuba tərəf uzatdı. O, söhbətin Kirrin körfəzindəki balaca adadan getdiyini dərhal başa düşmüşdü. Corc həmin adanın sahibi idi, daha doğrusu, ada qızın anası Fanni xalaya babalarından miras qalmışdı. Ana da onu qızına bağışlamışdı. Bu kiçik adanın ortasında qədim, yarıuçuq bir qəsr ucalırdı. Qəsrdə heç kim yaşamırdı, onun xaraba divarlarının üstündə dolaşalar, qağayılar məskən salmışdı. Qəsrin altında isə əsl labirinti[1 - Labirint – yol və keçidləri dolaşıq, tapılması çətin olan ünvan] xatırladan yeraltı yollar və otaqlar var idi. Daha doğrusu, bunlar iri qayaların içində oyulmuş mağaralar idi. Keçən yay tətillərinin birində həmin «labirint»də Corcla dostlarının başına qəribə macəralar gəlmişdi.

Corc atasının ona məxsus adaya gedəcəyini eşidəndə bərk qəzəblənmişdi. Axı bu ada onun idi! Qızın icazəsi olmadan heç kimin nəinki adada yaşamağa, onun sahilinə belə ayaq basmağa ixtiyarı çatmırdı. Ancaq indi belə məlum olurdu ki, atası orada qüllə tikmək fikrinə düşüb.

Qızın üzü hirsindən qıpqırmızı olmuşdu.

– Böyüklər həmişə belə eləyirlər! Əvvəl sənə nəsə bağışlayır, sonra isə özlərini elə aparırlar ki, guya bu, hələ də onlara məxsusdur. Atamın mənə məxsus adada yaşamasını istəmirəm!

– Corc, axı bir fikirləş! Sənin atan alimdir, işləmək üçün ona sakit yer lazımdır, – Enn bunu deyib məktubu qızın əlindən aldı. – Kventin əmi orada bir müddət qalsa, qiyamət qopmayacaq ki!

– İşləmək üçün özünə başqa yer tapa bilmirdi? Enn, bilirsən, tətildə adaya gedəcəyimiz üçün necə həyəcanlanmışdım?! Qayığa ərzaq doldurub yola düşərdik. Əvvəllər olduğu kimi… Yadından çıxıb məgər? Lakin indi atamın ucbatından planımız baş tutmayacaq!

Enn məktubu açıb oxumağa başlamışdı. Qız Corcun anasının xəttini dərhal tanıdı. Fanni xala yazırdı:



«Əzizim Corc! Sənə xəbər verməliyəm ki, atan mühüm elmi təcrübələrini tamamlamaq üçün Kirrin adasına yollanmaq fikrinə düşüb. Deyəsən, orada nəsə tikmək istəyir, qüllə, ya da qala… Bilirsən, ona təklikdə və tam sakit şəraitdə işləmək üçün bir yer lazımdır. Bundan başqa, təcrübə apara bilməsi üçün ətrafda su da olmalıdır. Əzizim, buna görə kədərlənmə, atana da hirslənmə. Bilirəm ki, sən Kirrin adasına heç kimin ayaq basmasını istəmirsən, amma başa düşməlisən ki, biz də atana elmi işlərində əlimizdən gələn köməyi eləməliyik. Atan əmindir ki, sən onun adada yaşamağına sevinclə razılıq verəcəksən, ancaq mən bilirəm ki, sənin bu barədə başqa planların var idi. Ona görə də qərara aldım ki, evə gəlməmiş sənə bu haqda yazım…»


Enn məktubun davamını oxumadı, artıq məsələ aydın idi. O, başını qaldırıb tənə dolu baxışlarla əmisi qızına baxdı.

– Corc, sən nahaq yerə belə özündən çıxırsan, əlbəttə ki, atanın bir müddət adada qalmasına razılıq verməlisən! Mən sənin yerində olsaydım, belə də edərdim.

– Sənin atan, yəqin ki, əvvəlcədən bu barədə sənə xəbər verərdi! – Corc dodaqlarını bir-birinə sıxıb qəzəblə dilləndi. – Mənim atamın isə bu heç ağlına da gəlməyib! O, həmişə istədiyi kimi hərəkət eləyir, başqalarını fikirləşmir. Ən azından bu barədə özü mənə yaza bilərdi. Ona qarşı çox qəzəbliyəm!

– Bu onu göstərir ki, sən tez özündən çıxırsan.

– Necə çıxmayım?! Yay tətili planımız puç oldu, – Corc dərindən ah çəkdi. – Axı sən özün də yaxşı bilirsən ki, yayda Kirrin adası lap qiyamətdir. Rəngbərəng çiçəklər, məzəli adadovşanları, mavi dəniz… Sən, mən, Dik, Culian bir vaxtlar adada nə qədər əylənmişdik! Lakin indi bu, mümkün deyil…

– Hə, bilirəm, – Enn dilləndi. – Atan bütün planlarımızı alt-üst etdi. Mən də tətildə adaya getməyi çox istəyirdim. Bəlkə, biz ora getsək, Kventin əmiyə çox da mane olmarıq, hə? Özümüzü mümkün qədər sakit aparmağa çalışarıq.

– Bu heç nəyi dəyişmir. Hər halda, biz adada tək olmayacağıq! – Corc dilxor halda dedi. – Belədə adanın heç bir ləzzəti qalmır.

Yay tətilini Corcun atası, yəni Kventin əmi ilə birgə keçirmək Ennin də ürəyincə deyildi. Əslində, Corcun atası pis adam deyildi, lakin başı öz elmi təcrübələrinə qarışanda heç kimlə dinib-danışmır, həmişə qaşqabaqlı olur, uşaqlar azacıq səs-küy edəndə isə dərhal özündən çıxırdı.

– Bilirsən, – Enn qəfildən gülümsünüb dedi, – bəlkə, Kirrin adası sənin atana o qədər də sakit yer təsiri bağışlamadı? Axı orda çoxlu quşlar məskən salıb. Onların çığırtısı, yəqin ki, Kventin əmini özündən çıxaracaq.

Corc inamsızlıqla başını buladı.

– Yaxşı, Corc, – Enn dedi, – kefini pozma. Yaxşısı budur, Timmini çağır, gəlsin. O, yəqin, sənin əhvalını düzəldər.

Timoti, ya da qısaca Timmi – Corcun itini belə çağırırdılar. Bu, iri, qəhvəyi tüklü köpək idi, itin üzündə elə bir ifadə var idi, sanki həmişə gülümsəyirdi. Bütün uşaqlar Timmini çox istəyirdilər. Bəs necə! Axı o çox istiqanlı və məzəli heyvan idi! Üstəlik, çox sədaqətli idi, ən ağır vaxtlarında belə uşaqların yanından ayrılmazdı.

Beləliklə, Corc Timmini gətirməyə getdi. Qızların oxuduğu internat məktəbində şagirdlərə it, pişik saxlamağa icazə verirdilər. Yoxsa Corc qətiyyən bu məktəbdə oxumağa razı olmazdı. Çünki o, sevimli itindən bir gün belə ayrı yaşaya bilmirdi.

Timmi Corcu görən kimi sevinclə hürməyə başladı. Qızın dərhal qaşqabağı açıldı, itinə baxıb gülümsədi. O bu köpəyi özünə dünyada hamıdan yaxın bilirdi.

Qız itini yanına salıb məktəbin həyətindən çıxdı. Onlar bir az gəzib-dolaşandan sonra geri qayıtdılar. Corcun əhvalı lap düzəlmişdi. Qız gizlincə Timmini yan qapıdan keçirib məktəbin yataqxanasına apardı. Əslində, Timminin yataqxanaya girməsi qadağan idi, çünki itləri ancaq həyətdə saxlamağa icazə verirdilər, heyvanlar üçün burada ayrıca dam da tikmişdilər. Ancaq Corc hərdən qadağaları pozurdu.

Qız Timmi ilə birgə cəld addımlarla yuxarı, öz otağına çıxdı. Otağa yenicə ayaq basmışdılar ki, Timmi dərhal çarpayının altına girdi. Yalnız arabir quyruğunu yavaşca döşəməyə vurmasından onun çarpayının altında olduğunu başa düşmək olardı. İt yaxşı bilirdi ki, Corc bu gecə tək qalmaq istəmir, deməli, hamı yuxuya gedəndən sonra çarpayının üstünə çıxıb qızın ayaqlarının üstündə yata bilərdi. Corc itinə sakitcə uzanmağı və səs salmamağı əmr edəndən sonra otaqdan çıxdı. O öz rəfiqələrinə baş çəkmək istəyirdi. Birinci mərtəbədə Enni gördü. Enn qardaşları Culianla Dikə məktub yazırdı.

– Bilirsən, Corc, – Enn əmisi qızına dedi, – mən onlara hər şeyi yazdım, ada haqqında, Kventin əminin yayı orada keçirmək istəməsi barədə… Bura bax, bəlkə, tətildə bizə gedək, hə?

– Yox, çox sağ ol, – Corc cavab verdi. – Mən sizə getsəm, bəs atama kim göz-qulaq olacaq? Bircə o qalıb ki, öz təcrübələri ilə adanı partladıb göyə sovursun! Məgər bilmirsən ki, o, təcrübə aparanda necə səs-küy qopur?!

– Nə danışırsan! – Enn təəccüblə dilləndi. – Yoxsa, Kventin əmi atom bombası, ya da buna bənzər bir şey kəşf eləmək istəyir?

– Heç mən özüm də dəqiq bilmirəm ki, o nə işlə məşğul olur. Lakin, hər bir halda, yay tətilində evə getməliyəm. Axı anamı da Kirrin-kottecdə tək qoya bilmərəm. Yəqin ki, atam bütün gününü adada keçirəcək, belədə anam evdə tək qalıb darıxacaq.

Corcgilin yaşadığı dəniz kənarında yerləşən qədim ev «Kirrin-kottec» adlanırdı. Kirrin adası kimi bu ev də qızın anasına ulu babalarından qalmışdı.

– Lap yaxşı! Deməli, həmişə olduğu kimi evdə barmaqlarımızın ucunda gəzməli, pıçıltı ilə danışmalı olmayacağıq. Azacıq səs gələn kimi Kventin əmi üstümüzə acıqlanırdı. Qoy atan adada istədiyi qədər qalsın. Biz də Kirrin-kottecdə ağlımıza gələni eləyərik! Bu ki çox yaxşıdır, Corc!


***

Sonuncu rüb başa çatmaq üzrə idi, yay tətili yaxınlaşırdı. Enn səbirsizliklə Kirrin körfəzinə gedəcəkləri günü gözləyirdi. Yenə körfəzin qumlu sahilində gəzəcək, dumduru sularında çiməcək, sıldırım qayalara dırmaşacaqdılar. Qızın qardaşları Culianla Dik də artıq bir aydan çox idi ki, bu xəyallarla yaşayırdılar. Onların dərs ili də qızlarla eyni vaxtda başa çatırdı. Tətil başlayan kimi Londonda görüşüb oradan da Kirrin körfəzinə yola düşəcəkdilər.

Nəhayət, uşaqların çoxdan gözlədikləri gün gəlib çatdı. Onlar əşyalarını bel çantalarına yığıb məktəbin böyük zalında gözləyirdilər. Xeyli valideyn övladlarını internat məktəbindən evə aparmaq üçün şəxsən gəlmişdi. Odur ki məktəbin həyətində maşın əlindən tərpənmək olmurdu. Uşaqların bir hissəsini isə məktəbin avtobusu dəmiryolu stansiyasına aparacaqdı. Ətrafda möhkəm hay-küy var idi. Müəllimlər uşaqları sakitləşdirib onlara son tövsiyələrini verməyə çalışırdılar.

– Gör mənə qulaq asan var?! – müəllimlərdən biri bu hay-küydə səsi eşidilsin deyə az qala qışqıraraq dedi.

– Yaxşı ki, bu gün çıxıb gedirlər, – başqa bir müəllim dilləndi. – Corc, hara gedirsən? Dayan görüm! Belə qaçmaq olmaz axı! Özü də itlə!

– Artıq tətil başlayıb, ona görə də olar! – Corc bunu deyib yenidən qaçmağa başladı.

Avtobus bir göz qırpımında uşaqları dəmiryolu stansiyasına çatdırdı. Onlar hay-küylə vaqonlara doluşdular.

Hər ağızdan bir avaz gəlirdi: «Bu mənim yerimdir! Qızlar, bel çantamı görməmisiniz ki? Qatar fit verdi! Ura! Yola düşürük!»

Teplovoz ağır-ağır platformadan tərpəndi, içi məktəblilərlə dolu vaqonları da çəkib özü ilə apardı. Stansiyaları, tarlaları, qəsəbələri geridə qoyub, nəhayət, dumanlı Londona yaxınlaşdı.

– Oğlanların qatarı bizimkindən iki dəqiqə əvvəl gəlməli idi, – London vağzalının platformasına yaxınlaşanda pəncərədən baxan Enn dilləndi. – Əgər gecikməyibsə, onlar bizi platformada gözləməlidirlər. Bax, Corc, ordadırlar!

Corc da pəncərədən çölə boylandı.

– Salam! – qız qışqırdı. – Culian, Dik, biz buradayıq!




Kirrin-kottecdə


Culian, Dik, Enn, Corc və Timmi platformanı tərk edib vağzalın yaxınlığındakı kafeyə yollandılar ki, limonad və kişmişli bulka ilə toqqanın altını bərkitsinlər. Nəhayət, onlar yenə bir yerdə idilər! Bu ki qiyamətdir! Timmi oğlanları görəndə elə sevinmişdi ki, kafedə oturduqları müddətdə elə hey onların dizinin üstünə çıxmağa çalışırdı.

– Bura bax, dostum, mən də səni çox istəyirəm, yenidən görüşdüyümüzə görə də çox şadam, – nəhayət, Dik dözməyib dedi, – amma bir az sakit olsan, yaxşıdır. Artıq ikinci dəfədir ki, stəkanımı aşırıb limonadı üstümə tökürsən! Belə olmaz axı! Corc, o, yataqxanada da özünü belə aparırdı?

– Timmi cəmi bircə dəfə anbardan ət oğurlayıb, – Corc gülümsəyərək dedi. – Ayaqqabılarımızı da əvvəlki kimi çeynəyib pis günə qoymurdu. Düzdür, hərdənbir olurdu, lakin kimsə öz çəkmələrini otağın ortasına atıb gedirsə, məgər buna görə Timmi günahkardır? Yazıq it, sadəcə, bir az oynamaq istəyir, vəssalam!






Corc da pəncərədən colə boylandı.

– Salam! – qız qışqırdı. – Culian, Dik, biz buradayıq!



– Hə, Timmi çəkmələrlə oynayandan sonra onların nə günə düşdüyünü təsəvvür eləyirəm, – bu dəfə Culian dilləndi. – Yəqin ki, lap it ağzından çıxmış kimi olurlar! – oğlan bunu deyib qəhqəhə çəkdi. Sonra üzünü Timmiyə tutub dedi:

– Dostum, deyəsən, bu rüb davranışdan qiymətlərin yaxşı deyil, hə? Kventin əmi bunu eşitsə, səni yaxşıca cəzalandırar!

Bayaqdan bəri üzündən təbəssüm əskik olmayan Corc atasının adını eşidən kimi qaşqabağını tökdü. Bunu görən Dik cəld dilləndi:

– Görürəm, əziz əmiqızımız yenə mısmırığını salladı. Deyəsən, o heç dəyişməyib!

Əmisi uşaqlarından uzaqda böyüyən Corc yeni tanış olduqları vaxt onlarla ünsiyyət qurmaqda çətinlik çəkmişdi. Ailənin tək övladı olan Corc əmisi uşaqları ilk dəfə Londondan Kirrin-kottecə gələrkən onları kobud qarşılamış, onlarla oynamaq istəməmişdi. Lakin sonradan uşaqlar bir-birinə isinişib dostlaşmışdılar. Dik də elə bunu nəzərdə tuturdu.

– Heç də elə deyil! – Enn əmisi qızını müdafiə elədi. Sonra oğlanlara Corcun anasının yazdığı məktub barədə hər şeyi yerli-yataqlı danışdı.

– Bura bax, Corc, – Culian bacısının söylədiklərinə qulaq asandan sonra dilləndi, – atan bir müddət adada yaşasa, dünya dağılmayacaq ki! Bundan ötrü bu qədər narahat olmağa dəyməz. Başa düş, axı sənin atan çox yaxşı alimdir, həddən artıq ağıllı və istedadlı adamdır! Məncə, belə insanlara işləmək üçün hər bir şərait yaradılmalıdır. Əgər Kventin əmi hansısa səbəbdən Kirrin adasında işləmək istəyirsə, buna ancaq sevinmək lazımdır! Sən ona elə bu cür də cavab verməli idin: «Əlbəttə, atacan, mən buna görə çox şad olaram!»

Corc əmisi oğlunun bu sözləri ilə qəti razı deyildi, bununla belə, onun fikrinə hörmətlə yanaşdı. Culian yaşca onların hamısından böyük idi. Həm də çox ağıllı və cəsur oğlan idi. Odur ki Corc sakitcə dedi:

– Əgər sən belə hesab eləyirsənsə… Yaxşı, Culian, mən atama hirslənməyəcəyəm. Ancaq nə gizlədim, kefim tamam pozulub. Adada bizdən başqa kiminsə olmasını istəmirdim!

– Hamımız buna görə bir az məyus olmuşuq, – Culian dedi. – Ancaq nə etmək olar?! Yaxşı, bulkanı tez ye qurtar, hələ bundan sonra Londonun ta o biri başına gedib çıxmalıyıq. Yoxsa Kirrinə gedən qatara gecikə bilərik.

Uşaqlar kafedən çıxandan sonra Culian cəld bir taksi saxladı. Çox keçmədən onlar artıq Kirrin qatarında yerlərini tutmuşdular. Enn pəncərənin kənarında oturmuşdu, lakin çölə baxmaq əvəzinə qürurla böyük qardaşına tamaşa eləyirdi. Culian onları vaxtında qatara çatdırmaqla qalmamış, həm də qızlara pəncərə kənarında iki yer təşkil eləyə bilmişdi. Bəli, onun qardaşı heç bir vəziyyətdə özünü itirmirdi!

– Culian, görüşmədiyimiz müddətdə mən bir az boy atmışam, elə deyil? – Enn qardaşından soruşdu. – İstəyirəm ki, boyum tezliklə Corcun boyuna çatsın! Di gəl o da xeyli boy atıb.

– Hə, məncə, boyun təxminən bir santimetr uzanıb, – Culian cavab verdi. – Amma hələ bizə çatmağına çox var.

Qatar Kirrinə gəlib çatdı. Corcun anası Fanni xala uşaqları platformada gözləyirdi. Uşaqlar onun xətrini çox istəyirdilər. Odur ki özlərini sevinclə Fanni xalanın üstünə atdılar. Corcun anası çox xeyirxah qadın idi, tündxasiyyət əri nəyə görəsə uşaqlara hirslənəndə belə həmişə onları müdafiə eləyirdi.

– Kventin əmi necədir? – Culian nəzakətlə soruşdu.

– Yaxşıdır, – Fanni xala cavab verdi, – lakin axır vaxtlar çox narahat görünür. Mən heç vaxt onu bu qədər həyəcanlı görməmişdim. Buna baxmayaraq, deyəsən, elmi işi uğurla davam edir.

– Bəs son təcrübələri nə yerdədir?

– Düzünü desəm, bu barədə heç nə bilmirəm. Axı Kventin öz işləri barədə mənə heç vaxt danışmır. Lakin mənə elə gəlir ki, indi o çox mühüm elmi təcrübə aparır. Hə, bir də, deyəsən, bu təcrübənin son mərhələsi dənizin ortasında, adada keçirilməlidir. Bu barədə başqa heç nə bilmirəm.

– Baxın, bu da Kirrin adası! – Enn birdən qışqırdı.

Onlar küçəni burulub evə yaxınlaşmışdılar ki, gözləri qarşısında möhtəşəm mənzərə açıldı – Kirrin körfəzi göründü. Uzaqda, körfəzin ağzına yaxın yerdə isə bapbalaca torpaq parçası – Kirrin adası gözə dəyirdi. Adadakı qədim qəsrin dağıntıları günəşin şüaları altında çox ecazkar təsir bağışlayırdı.

Corc diqqətlə adaya tərəf baxırdı, bilmək istəyirdi ki, atası orada yeni bir qüllə tikib, ya yox? Uşaqlar da gözlərini adaya zilləmişdilər. Həqiqətən də, qəsrin lap yaxınlığında, çox güman ki, düz onun həyətində ensiz, uzun bir qüllə ucalırdı. Bu tikili qüllədən çox dəniz mayakına[2 - Mayak – gəmilərə yol göstərmək üçün siqnal işığı olan hündür qüllə] oxşayırdı. Qüllənin lap təpəsindəki otağın pəncərələri günəşin şüaları altında bərq vururdu.

– Ana, bir ora bax! Necə çirkin görünür! – Corc üz-gözünü əyişdirərək əlini adaya tərəf uzadıb dedi. – Bu mayak bütün mənzərəni korlayır!

– Əzizim, atan söz verib ki, təcrübəsini başa vuran kimi mayakı sökəcək. Yeri gəlmişkən, atan sizin hamınızı bu mayak-qülləyə tamaşa etməyə çağırıb. Əlbəttə, əgər istəyirsinizsə… Məncə, sizin üçün maraqlı olar.

– Əlbəttə! – Enn həyəcanla dilləndi. – Qüllə çox əsrarəngiz görünür. Kventin əmi indi orada təkdir?

– Hə, balaca, təkdir, – Fanni xala dedi. – Düzünü desəm, onun uzun müddət adada qalması mənim heç xoşuma gəlmir. Ən azından ona görə ki Kventin düz-əməlli yemək bişirməyi bacarmır, yəqin, bütün gün ac-acına gəzib-dolaşır. Bir də, orada başına bir iş gələcəyindən qorxuram. Belə olsa, Kventinə necə kömək eləyə bilərəm? O, adada, mən isə burada…

– Gərək Kventin əmiyə tapşırardınız ki, hər gün adadan sizə siqnal göndərsin. Onda əmin olardınız ki, hər şey qaydasındadır, – Culian dedi. – Qüllənin başından siqnal göndərmək çətin iş deyil. Gündüzlər bunu güzgüyə gün işığı salmaqla eləmək olar, gecələr isə fənərlə.

– Düz deyirsən, mən artıq ona bunu təklif etmişəm, lakin bir söz deməyib. Sabah biz hamılıqla adaya yollanarıq. Culian, onda sən bu siqnal məsələsini bir də əminin yadına salarsan. Məncə, o sənin sözünə qulaq asar.

– Necə, atam bizi öz gizli laboratoriyasına dəvət edib?! – Corcun eşitdiklərinə inanmağı gəlmirdi. – Hətta bizi apardığı təcrübələrlə də tanış edəcək?! Amma nahaq zəhmət çəkib. Şəxsən mən heç yerə gedən deyiləm! Çünki bu mənim adamdır! Başqasının orada öz evindəki kimi əmr yağdırmasını görmək istəmirəm!

– Corc, xahiş eləyirəm, yenə özündən çıxma! – Enn ah çəkdi. – Hamımız bilirik ki, ada sənindir. Atan bir müddət orada qalsa, dünya dağılmayacaq ki! Ah, Fanni xala! Corcu sizin məktubunuzu alanda görsəydiniz! Necə qəzəblənmişdi! Çox qorxmuşdum!

Fanni xala köks ötürdü. O, qızının xasiyyətinə yaxşı bələd idi. Corc nəinki başqaları, heç atası ilə də yola getmirdi. Əslində, qız xasiyyətcə atasına çəkmişdi. Bir şey olmamış eynilə atası kimi qaşqabağını töküb çiyinlərini dartırdı. «Ah, kaş Corc da əmisi uşaqları kimi sakit, mülayim, üzüyola olaydı!» – deyə Fanni xala bir anlıq qəlbindən keçirdi. Corc isə anasının üzündəki məyus ifadəni görüb öz hərəkətindən utandı. Əlini anasının çiyninə qoyub dedi:

– Yaxşı, anacan, atama heç nə deməyəcəyəm, özümü ələ almağa çalışacağam. Bəlkə, doğrudan da, o çox mühüm işlə məşğuldur… Mən də sabah sizinlə adaya gedəcəyəm.

– Ən doğrusu elə budur, – Culian dilləndi. – Görürsünüz, o artıq başqalarına güzəştə getməyi öyrənir. Corc, sən belə edəndə əsl oğlana bənzəyirsən!

Qız bu sözləri eşidib qızardı. Culianın onu oğlanlarla müqayisə etməsi çox xoşuna gəlirdi. Axı o, ömrü boyu qız deyil, oğlan olmaq istəmişdi.

Lakin Enn onlarla eyni fikirdə deyildi.

– Bilirsən nə var, – o, üzünü qardaşına tutub dedi, – təkcə oğlanlar yox, qızlar da güzəştə getməyi bacarırlar. Özü də bu işdə sizdən qətiyyən geri qalmırıq. Məsələn, mən…

– Aman Allah! – Fanni xala araya girib qızın sözünü kəsdi. – Gör bir nəyin üstündə mübahisə eləyirlər! Xəbəriniz var ki, Kirrin-kottecə gəlib çatmışıq?

Corcgilin yaşadığı, həyətində rəngbərəng gül-çiçəklərin bitdiyi bu qədim evin pəncərələri düz Kirrin körfəzinə açılırdı. Uşaqların dördü də sevinclə çığırıb özlərini qapıdan içəri saldı. Evə girəndə çox təəccübləndilər. Coanna da burada, Kirrin-kottecdə idi. Bu yaşlı qadın onların Londondakı evlərində həm təsərrüfat işlərinə baxır, həm də yemək bişirirdi. O, təzəlikcə Londondan gəlmişdi ki, yay tətilində Fanni xalaya ev işlərində kömək eləsin. Coanna qollarını geniş açıb uşaqları sevinclə qucaqladı. Timmi də qadının ətrafında sevinclə dövrə vurmağa başladı.

– Axır ki, gəlib çıxdınız! Gör nə vaxtdır sizi görmürəm! Necə böyümüsünüz! Culian, sən lap yekə oğlan olmusan, boyun da məni ötüb. Enn, sən də bir az boy atmısan.

Enn Coannanı çox istəyirdi. O, qadını qucaqlayıb üzündən öpdü. Culian bel çantalarını içəri daşıyan Fanni xalaya kömək etdi. Çamadanlarını Londondan daha sonra yollayacaqdılar. Oğlanlar köməkləşib bütün əşyaları evə daşıdılar.

Enn isə pilləkənlərlə yuxarı qalxdı ki, yataq otağına baş çəksin. Yay tətillərində o, Corcla birlikdə bu otaqda qalırdı. «Yenidən Kirrin-kottecdə olmaq çox gözəldir!» – qız öz-özünə dedi. Sonra sevinclə zümzümə eləməyə başladı.

Bu vaxt Dik onunla Corcun bel çantalarını otağa gətirdi.

– Bilirsən, Dik, – Enn üzünü qardaşına tərəf tutub dedi, – mən Kventin əminin adaya getməsinə sevinirəm. Axı o, evdə olanda biz rahat oynaya bilmirdik.

– Hə, düz deyirsən, – Dik gülümsəyib dilləndi. – O, evdə olanda cınqırımızı da çıxara bilmirdik. Elə yaxşı ki, çıxıb adaya gedib.

Bu vaxt aşağıdan Fanni xalanın səsi eşidildi:

– Uşaqlar, yemək hazırdır, isti kökə də var, gəlin soyumamış yeyin.

– Gəlirik, Fanni xala! – Dik yuxarıdan aşağı qışqıraraq cavab verdi. – Enn, gəl gedək, mən çox acmışam.

Bu vaxt Corc otağa girdi. Timmi də yanında idi. İt evin bütün künc-bucağını iyləyəndən sonra bir-iki ağız hürüb sakitləşmişdi. İndi də Corcun yanında dayanıb quyruğunu bulayırdı.

– O, həmişə belədir! – Corc itinə baxıb dedi. – Elə bilir, keçən ildən bu yana evdə hər şey dəyişib! Bütün künc-bucağı iyləyir ki, görsün hər şey yerindədir, ya yox.

Uşaqlar üçlükdə aşağı düşdülər. Fanni xala mətbəxdə süfrə açmışdı.

– Ana, nə qədər ki atam evdə deyil, olar Timmi yanımda otursun? O özünü ağıllı aparacaq!

– Yaxşı, qoy otursun, – Fanni xala razılıq verdi.

Nəhayət, şam yeməyi başladı. Masanın üstündə o qədər ləzzətli yemək vardı ki, onlardan başqa iyirmi adam da yeyib doya bilərdi.

Yeməklərin hamısını Coanna bişirmişdi. Yəqin, bütün günü mətbəx sobasının yanından çəkilməmişdi.




Kirrin adasına səyahət


Ertəsi gün hava isti və günəşli idi.

– Adaya getmək olar, – Fanni xala pəncərədən çölə baxıb dedi. – Özümüzlə bir az yemək də götürərik. Əminəm ki, yemək hazırlamaq Kventinin heç yadına da düşməyib.

– Ana, bəs onun qayığı var? – Corc təşvişlə soruşdu. – Yoxsa, mənimkini götürüb?

– Xeyr, əzizim, – Fanni xala dedi. – Kventinin öz qayığı var, amma mən qorxdum ki, o, qayığı adanın sahilindəki qorxunc qayalıqların arasından keçirə bilməz. Adanın yaxınlığında belə sualtı qayaların sayı çoxdur. Ona görə də Kventinə məsləhət gördüm ki, qayığı idarə etmək üçün dənizçi tutsun.

– Bəs adadakı qülləni kim tikib? – Culian maraqla soruşdu.

– Qülləni Kventin özü layihələşdirib, tikinti işini də fəhlələr yerinə yetiriblər, onları nazirlikdən göndərmişdilər, – Fanni xala izah elədi. – Amma bu barədə hər şeyi sirr kimi gizli saxlayırlar. Qonşular da elə hey bu qülləni soruşurlar, halbuki bu barədə mən də elə onlar qədər bilirəm. Tikintidə yerli sakinlərdən heç kim iştirak etməyib, yalnız bir neçə balıqçı əşyaların və fəhlələrin adaya daşınmasına kömək edib, vəssalam.

– Bütün bunlar çox müəmmalıdır! – Culianın maraqdan gözləri parlayırdı. – Deyəsən, əmimizin həyatı çox maraqlı keçir. Əgər belədirsə, mən də alim olmaq istərdim.

– Mən isə, yəqin ki, həkim olacağam, – Dik dilləndi.

Bu söhbət Corca maraqlı gəlmədi.

– Gedim qayığa baxım, – qız dedi.

Corc böyüyəndə nə işlə məşğul olacağını yaxşı bilirdi. Timmi ilə birlikdə Kirrin adasında yaşayacaqdı, vəssalam!

Bu vaxt ərzində Fanni xala səyahət üçün böyük bir yemək çantası hazırlamışdı. Onlar hamılıqla üzüaşağı, dənizə tərəf addımlamağa başladılar. Ən axırda Culian gəlirdi, onun çiynində içi ərzaqla dolu çanta var idi. Corc artıq qayığını suya salmışdı. Bu işdə ona köhnə dostu, balıqçı oğlu Ceyms kömək etmişdi. Oğlan dizəcən suyun içinə girib hamı minəndən sonra qayığı itələmək üçün hazır vəziyyətdə dayanmışdı. Ceyms Corcun əmisi uşaqları ilə yay tətillərinin birində tanış olmuşdu. Kventin əmi əvvəllər Corca Timmini evə gətirməyə icazə vermirdi. Timmi onda küçük idi. Həmin vaxt Ceyms onu öz həyətlərində saxlamışdı. Corc oğlanın bu yaxşılığını heç vaxt unutmur, tətillərdə evə gələndə mütləq ona baş çəkirdi.

– Adaya gedirsiniz? – Ceyms soruşdu. – Orada tikilən hündür qülləni görmüsünüz? Deyəsən, mayakdır.

Oğlan bunu deyib əlini Ennə uzatdı ki, qayığa minməsinə kömək eləsin. Çox keçmədən uşaqlar, Fanni xala və Timmi artıq qayıqda öz yerlərini tutmuşdular. Culianla Corc kürəkləri əllərində hazır saxlamışdılar. Ceyms qayığı itələdi və onlar yavaş-yavaş adaya tərəf üzməyə başladılar. Tezliklə qayıq sürətini artırdı, Culianla Corc kürəklərə güc vermişdilər. Yenidən dənizdə olmaq çox gözəl idi! Kaş tətil çox uzun sürəydi!

– Corc, burada bir az ehtiyatlı olun, – qayıq adaya yaxınlaşanda Fanni xala qızına xəbərdarlıq elədi. – Ətraf təhlükəli qayalıqlarla doludur.

– Ana, yaxşı bilirsən ki, mən bura min dəfə gəlmişəm, hər daşına bələdəm! Adaya gözüyumulu belə sağ-salamat gedib çıxa bilərəm.

Kirrin adasına yalnız bir yerdən, qayalıqların arasındakı balaca təbii buxtadan[3 - Buxta – dənizdə gəmilərin yanaşması üçün münasib kiçik körfəz] yanaşmaq mümkün idi. Buxtanın sağında və solunda şiş uclu qayalar vardı. Corcla Culian adanı şərq tərəfdən dövrə vuraraq buxtaya yaxınlaşdılar.

– Bura, doğrudan da, çox qəşəng yerdir! – Enn adaya tərəf baxıb heyranlıqla dilləndi.






– Adaya gedirsiniz? – Ceyms soruşdu. – Orada tikilən hündür qülləni görmüsünüz? Deyəsən, mayakdır.



Adada hər şey – köhnə qəsr, onun dağılmış divarları, hətta divarların üstünə qonmuş dolaşalar da öz yerində idi. Qəsrin yanında isə yeni bir qüllə ucaldılmışdı. Qüllə kərpicdən deyil, hansısa hamar, parıltılı materialdan tikilmişdi. Qüllənin ayrı-ayrı hissələrinin arasındakı «tikişlər» aydınca sezilirdi: bu, tikilinin asanlıqla sökülüb başqa yerdə ucaldıla biləcəyindən xəbər verirdi.

– Bu, qəribədir, elə deyil? – Dik dedi. – Hələ qüllənin lap təpəsindəki şüşəli otağa baxın. Eynilə müşahidə göyərtəsinə bənzəyir. Görəsən, onu niyə tikiblər? Fanni xala, bəs ora necə qalxmaq olar?

– Qüllənin içində dolama pilləkənlər var. Yəqin ki, başqa cür mümkün olmazdı. Deyəsən, bütün məsələ də elə o şüşəli otaqdadır. Oradakı məftilləri görürsünüz? Məncə, Kventinə qüllə özü yox, elə həmin otaq lazımdır. Deyəsən, o orada bəzi eksperimentlər aparır.

Bu söhbət Enni darıxdırmağa başlamışdı. Qız Fanni xalanın dediklərini yaxşı başa düşmürdü.

– Mən də ora çıxmaq istərdim, – Enn dilləndi.

– Bəlkə, əmin buna icazə verər, – Fanni xala dedi.

– Hə, əgər o bu gün yuxudan acıqlı durmayıbsa… – Corc istehza ilə dedi.

– Corc, belə danışma, – anası ona məzəmmətlə baxdı.

Həmin vaxt qayıq buxtaya yanaşdı, onun burnu yavaşca qumlu sahilə toxunaraq Kventin əminin qayığının yanında dayandı.

Corcla Culian qayıqdan düşüb onu bir az irəli itələdilər ki, qalanları da ayaqlarını islatmadan aşağı düşə bilsinlər. Hamıdan axırda Timmi qayıqdan yerə hoppandı və dərhal sahil boyunca qaçmağa başladı.

– Timmi, bura gəl! – Corc itinə təpindi.

İt quyruğunu qısıb qızın yanına qayıtdı.

Əlbəttə ki, Timmi adada ora-bura qaçışan dovşanları görmüşdü, amma, heyif ki, Corc onların arxasınca düşməyə icazə vermirdi. O ki pis bir iş tutmurdu!

– Bunlar da bizim köhnə dostlarımız! – Enn də adadovşanlarını görüb ucadan dilləndi. – Fanni xala, görün necə qəşəngdirlər! Ay aman, hələ o bala dovşana baxın! Pəncələrini yalayır, çox gülməlidir, elə deyil?!

Hamı ayaq saxlayıb bu sevimli heyvanlara tamaşa etməyə başladı. Adada heç kim yaşamadığından indiyə kimi dovşanları qorxudan olmamışdı, odur ki uşaqları görəndə ürküb-qaçmadılar.

– Bəs Kventin əmi haradadır? – onlar qəsrin giriş qapısı sayılan iri, yarıuçuq vəziyyətdə olan tağın altından keçəndə Enn soruşdu.

Tağı keçəndən sonra qəsrin həyətinə aparan pilləkənlər başlayırdı. Bir neçə yerdən uçulub-dağılmış pilləkənlərin üstünü ot-alaf basmışdı. Əvvəl Fanni xala ehtiyatla birinci pilləkənə ayaq basdı. Onun arxasınca da uşaqlar çıxmağa başladılar. Kiçik daş dəhlizi keçib qəsrin geniş həyətinə gəlib çatdılar. Bir vaxtlar həyətə daş plitələr döşənsə də, indi onların yerində bircə qum qalmışdı. Bəzi yerlərdə təzə bitmiş otlar gözə dəyirdi. Vaxtilə qəsrin hər iki küncündə iki böyük qala ucalırdı, amma indi onlardan biri, demək olar, uçulub-dağılmışdı, digəri isə nisbətən yaxşı vəziyyətdə idi. Qalanın üstündə məskən salmış dolaşalar uşaqların səsini eşidən kimi bir ağızdan qarıldamağa başladılar.

– Corc, məncə, atan bax o balaca otaqda yaşayır, – Dik bunu deyib əlini qəsrin salamat qalmış yeganə otağına tərəf tuşladı. – Yadındadır, biz də adaya gələndə həmin otaqda gecələmişdik.

– Hə, – Corc başını tərpətdi. – Çox maraqlı idi! Düz deyirsən, yəqin, atam da elə orada qalır. Burada başqa gecələməli yer yoxdur. Əlbəttə, əgər zirzəmiyə düşməyibsə…

– Nə danışırsan, zirzəmidə yaşamaq olar?! – Culian təəccüblə soruşdu. – Ora çox rütubətli və qaranlıqdır. Corc, doğrudan, atan harada ola bilər? Heç yerdə gözə dəymir.

– Ana, həqiqətən, atam haradadır axı? Yəqin, o balaca otaqda işləyir, hə?

– Mən də dəqiq bilmirəm, – Fanni xala çiyinlərini çəkdi, – yəqin, orada olar. Adətən, adaya gəldiyim vaxt Kventin məni buxtada qarşılayırdı. Biz sahildə oturub yemək yeyir, söhbət edirdik. Qəsrin içinə girmirdik.

– Gəlin onu çağıraq, – Dik təklif elədi.

Uşaqların hamısı bir ağızdan Kventin əmini səsləməyə başladı: «Kventin əmi! Kventin əmi! Haradasınız?»

Onların qışqırığı dolaşaları ürkütdü. Quşlar qarıldayaraq qanadlanıb qəsrin üstündə dövrə vurmağa başladılar. Dənizdən uçub gələn bir neçə qağayı da onlara qoşuldu. Bu səsə adadovşanları qaçıb haradasa gizləndilər… Ancaq Kventin əmi onların harayına səs vermədi. Uşaqlar bir az gözləyəndən sonra yenə onu səsləməyə başladılar.

– Bir az yavaş qışqırın, – Fanni xala narazılıqla qulaqlarını tutub dedi. – Az qaldı qulağım batsın. Corc, sənin atan necə adamdır! Mən ona bu gün gələcəyimizi xəbər vermişdim axı!

– Yəqin, haradasa buralardadır, – Culian onu sakitləşdirməyə çalışdı. – Necə deyərlər, dağ Məhəmmədə tərəf gəlməsə, Məhəmməd dağa tərəf gedər! Çox güman ki, Kventin əminin başı hansısa kitaba qarışıb, ona görə də bizi eşitmir. Özümüz onu axtarıb-taparıq.

– Gəlin gedib balaca otağa baxaq, – Enn təklif elədi.

Onlar kiçik, yarıqaranlıq otağa tərəf getdilər. Bu otağa işıq yalnız divarda pəncərəni əvəz edən iki dar yarıqdan düşürdü. Otağın bir küncündə vaxtilə burada mövcud olmuş buxarının qalıqları gözə dəyirdi: ovxalanıb tökülmüş kərpiclər və qəsrin qalın divarına girmiş iri bir boru.

– Otaqda heç kim yoxdur! Hamıdan birinci ora çatan Culian təəccüblə qışqırdı. – Ümumiyyətlə, burada yaşayan olmayıb. Nə kitab var, nə də yemək!

– Onda, bəlkə, zirzəmini də axtaraq? – Dik dedi. – Ola bilər, Kventin əminin elmi işi üçün zirzəmiyə düşmək lazım gəlib. Zirzəminin girişi, deyəsən, həyətin ortasında idi, su quyusunun yaxınlığında.

– Hə, yəqin, zirzəmidədir, – Enn də təsdiqlədi. – Fanni xala, gəlin gedib baxaq.

– Yox, yox, uşaqlar! Mənim qaranlıq yerlərdən xoşum gəlmir. Yaxşısı budur, sizi həyətdə, günəşin altında gözləyim. Siz qayıdıb gələnə kimi də yemək çantasını boşaldıb buterbrodları hazırlayaram. Yəqin, birazdan acacaqsınız.

– Yaxşı, – uşaqlar razılaşdılar.

Onlar zirzəminin girişinə tərəf yollandılar. Ancaq giriş bağlı idi. Culian elə iri çuqun qapağı kənara itələməyə hazırlaşırdı ki, birdən gözünə nəsə sataşdı:

– Baxın, qapağın arasından təzə otlar çıxıb. Ən az bir il bu qapağı yerindən tərpədən olmayıb. Deməli, Kventin əmi zirzəmidə deyil.

– Yaxşı, bəs haradadır? – Dik çaşqınlıqla soruşdu.




Kventin əmi haradadır?


Uşaqların dördü də çaşbaş vəziyyətdə zirzəminin girişini örtən qaralmış qapağa baxırdı. Culian haqlı idi – bu qapağı ən az bir il yerindən tərpədən olmamışdı.

– Bu halda aşağı düşməyin heç bir mənası yoxdur, – Culian dedi.

– Deyəsən, zirzəminin bundan başqa girişi yox idi, düzdür? – Dik soruşdu. – Bir də ki, bu qapaq kifayət qədər ağırdır, əgər Kventin əmi aşağı düşübsə, onu arxasınca necə bağlaya bilərdi axı?

– Düzdür, – Enn qardaşının sözünü təsdiqlədi. – Çox güman ki, orada deyil.

– Yaxşı, bəs haradadır? – Corc soruşdu. – Kirrin balaca adadır, biz buranın hər daşına bələdik. Bəlkə, o, mağaradadır? Yadınızdadır, biz də orada gizlənmişdik.

– Əlbəttə ki, bu, mümkündür, – Culian dedi, – amma, düzü, mən buna şübhə eləyirəm. Məgər sən bilmirsən ki, mağaraya yalnız yuxarıdakı dəlikdən düşmək olar. Həmin dəliyin ağzı isə tutulub. Məncə, Kventin əmi heç vaxt o dəlikdən içəri düşməyi ağlına gətirməzdi.

Uşaqlar qəsrin ətrafında dövrə vuraraq adanın o biri tərəfinə gedib çıxdılar. Onların bir vaxtlar oynamaqdan ləzzət aldıqları mağara burada yerləşirdi. Mağaranın girişini daşla tutmuşdular, onun üstünü isə sürüşkən yosun təbəqəsi örtmüşdü. Mağaraya yaxınlıqdakı su quyusundan da düşmək mümkün idi. Quyunun içində dəmir nərdivan vardı. Ancaq bu nərdivan quyunun dibinə kimi gedib çatmırdı. Uşaqlar həmin nərdivanın son pilləsinə bağladıqları kəndirlə quyuya düşürdülər.

– Baxın, bizim bağladığımız kəndir hələ də burada qalır, özü də salamatdır! – Dik əyilib aşağı baxandan sonra qışqırdı.

– Mən aşağı düşməyə çalışacağam, – Culian dedi.

Oğlan ehtiyatla quyuya enməyə başladı. Nəhayət, mağaranın olduğu yerə gəlib çatdı. Hər tərəf zil qaranlıq idi, Culian cibindən əl fənərini çıxarıb ətrafa işıq saldı. Heç nə gözə dəymirdi, bircə küncdə atılıb qalmış qutudan başqa. Yəqin, onu da vaxtilə özləri burada yaddan çıxarıb getmişdilər. Culian yenidən kəndirlə nərdivana qədər dırmandı və quyudan çıxdı.

– Necə oldu? Bir şey tapa bildin? – Dik dərhal soruşdu.

– Orada Kventin əminin izi-tozu da yoxdur, – Culian başını bulayıb dedi. – Bəs o harada ola bilər? Əgər burada, həqiqətən də, hansısa elmi təcrübə aparırsa, onda cihazları haradadır? Fanni xala demişdi ki, Kventin əmi adaya bir yığın avadanlıq gətirib.

– Bəlkə, o, indi qüllədədir? – Enn dilləndi. – Axı qüllənin yuxarısında da otaq var.

– Əgər orada olsaydı, yuxarıdan çoxdan bizi görmüşdü, ya da səsimizi eşitmişdi. Amma, hər bir halda, ora da baxmaq lazımdır.

Uşaqlar yenidən qəsrə qayıdıb bu yaxınlarda inşa olunmuş qülləyə yaxınlaşdılar. Bu vaxt Fanni xala onları yeməyə çağırdı.

– Uşaqlar, yemək hazırdır, gəlin. Əminəm ki, Kventin birdən-birə haradasa peyda olacaq.

– Axı o harada ola bilər, Fanni xala? – Enn təşvişlə soruşdu. – Biz bütün adanı ələk-vələk elədik, heç yerdə yoxdur.

Fanni xala adaya uşaqlar qədər yaxşı bələd deyildi, ona elə gəlirdi ki, burada gizlənmək üçün çox yer var.

– Bilmirəm, – qadın dedi, – yəqin, haradasa bu yaxınlardadır. Birazdan gəlib çıxar, siz yeməyinizi yeyin.

– Biz qülləyə çıxmaq istəyirik, baxaq görək oradadır, ya yox! – Culian dilləndi.

Uşaqlar qülləyə tərəf yollandılar, Timmi də onların yanında idi. Bu qəribə tikili yaxından daha da müəmmalı görünürdü. Dik əlini onun hamar divarına çəkib dedi:

– Maraqlıdır, görəsən, bunu nədən düzəldiblər?

– Yəqin ki, hansısa plastik kütlədən, – Culian ağlına gələn ilk fikri dilinə gətirdi.

– Amma onda dənizdə fırtına qopan kimi qüllə yerlə bir olardı, – Dik etiraz etdi.

– Baxın, orada qapı var! – Corc birdən qışqırdı.

Uşaqlar qızın göstərdiyi yerə tərəf baxıb qüllənin balaca, yuxarısı yarımdairə formasında olan qapısını gördülər, açarı da üstündə idi. Culian açarı burub qapını açdı və içəri boylandı.

Qüllənin içi boş idi. Yalnız aşağıdan tavana qədər uzanan ensiz dolama pilləkən vardı. Bu pilləkən də qüllənin özü kimi yüngül, hamar materialdan hazırlanmışdı. Qarşı divardan qarmağa oxşayan qəribə əşyalar asılmışdı. Görünüşündən bu əşyaların poladdan hazırlandığını söyləmək olardı.

– Yaxşısı budur, heç nəyə əl vurmayaq, – Culian uşaqlara xəbərdarlıq etdi. – Gəlin yuxarı çıxaq!

O özü hamıdan qabaq dar pilləkənlərlə yuxarı qalxmağa başladı. Dolama pilləkənlər adamın başını hərləndirirdi, amma Culian buna baxmayaraq ayaq saxlamadan yuxarı çıxırdı. Qalan uşaqlar da onun arxasınca gedirdilər. Qüllənin divarlarında adda-budda pəncərələr vardı, oradan içəri tutqun işıq düşürdü. Culian həmin pəncərələrin birindən çölə baxdı – onun gözlərinin qarşısında Kirrin körfəzinin möhtəşəm mənzərəsi canlandı. Nəhayət, oğlan qüllənin təpəsinə gəlib çatdı. Burada balaca, şüşəli bir otaq vardı. Otağın qalın şüşələri günəş şüalarını əks etdirirdi. Otaqdan bayıra bir neçə məftil çıxmışdı. Məftillərin ucu açıq idi, külək onları vurub yellədirdi. Əfsus ki, bu balaca otaq da boş idi! Uşaqlar Kventin əmini burada da tapa bilmədilər!

Belə aydın olurdu ki, bu qüllə məftilləri aşağıdakı qarmaqlara bərkidib yuxarı qaldırmaq, sonra da uclarını oradan aşağı sallamaq üçün tikilmişdi. Yaxşı, bəs bütün bunlar nə işə yarayırdı? Yoxsa, Kventin əmi burada hansısa radiodalğalarını tutmağa çalışır? Ya da, bəlkə, onun işi radarlarla[4 - Radar – radiodalğalar vasitəsilə hər hansı obyektin yerini, hərəkət istiqamətini və sürətini müəyyənləşdirən cihaz, qurğu] əlaqəlidir?

Culian fikrə getmişdi.

O fikirləşənə kimi qalan uşaqlar da gəlib çıxdılar. Cəsur Timmi də onların arxasınca pilləkənləri axıra qədər çıxmışdı. Amma hiss olunurdu ki, dolama pilləkənləri qalxmaq onun üçün heç də asan olmayıb. Zavallı it dilini çıxarıb ləhləyirdi.

– Buradan dənizə necə gözəl mənzərə açılır! – Corc heyranlıqla pəncərədən bayıra baxıb dedi. – Baxın, hətta bizim Kirrin körfəzinin sahilindəki evimiz də görünür!

– Hə, çox gözəldir! – Enn də dedi. – Amma biz hələ də Kventin əmini tapa bilməmişik. Görəsən, o, adadadır, ya yox?

– Əlbəttə, adadadır, – Corc qətiyyətlə dilləndi, – görmədin, qayığı balaca buxtada idi. Biz ki onu öz gözümüzlə gördük.

– Hə, adadadır, amma nə qəsrdə, nə mağarada, nə də zirzəmidədir. Əcəb tapmacadır! «Yoxa çıxmış əminin sirri», – Culian da bunu deyib güldü. – Aşağı baxın, Fanni xala artıq yeməkləri boşqablara qoyub, deyəsən, qışqıraraq bizə nəsə deməyə çalışır. Yaxşısı budur, onun yanına qayıdaq.

– Hə, tez gedək, bura çox darısqaldır, həm də mənə elə gəlir ki, külək qülləni tərpədir, – Enn cəld dilləndi. – Artıq bir dəqiqə də burada qalmaq istəmirəm!

Qız hamıdan birinci pilləkənlərə tərəf gedib aşağı düşməyə başladı. O, metal məhəccərdən bərk-bərk yapışmışdı, bu dar pilləkənlərdən düşüb yıxılmaqdan qorxurdu. Bu vaxt Timmi qəfil irəli cumdu, az qala qızı vurub-yıxacaqdı, hürə-hürə sürətlə aşağı qaçmağa başladı. Onlar tezliklə qüllədən çıxdılar. Culian yenidən açarı burub qapını bağladı.

Uşaqlar Fanni xalanın yanına gəldilər.

– Hə, nə oldu, qüllədə maraqlı bir şey tapdınız? – o soruşdu.

– Yox, – Enn başını bulayıb dedi. – Bircə şüşəli otaqdan dənizə açılan mənzərəyə tamaşa etdik. Kventin əmi orda da yoxdur. Fanni xala, bu sizə qəribə gəlmir? Axı biz bütün adanı əldən salmışıq, amma o heç yerdə yoxdur!

– Qayığı isə balaca buxtadadır, – Dik əlavə elədi, – deməli, adadan qırağa çıxmayıb.

– Hə, düz deyirsiniz, – Fanni xala dilləndi, – bu, doğrudan da, qəribədir… Amma siz əminizi yaxşı tanımırsınız. O, həmişə bir anda haradansa peyda olur. Yəqin, bizim adaya gələcəyimizi yaddan çıxarıb. Harada olsa, gəlib çıxar.

Fanni xala bunu deyib hazırladığı buterbrodları uşaqlara paylamağa başladı.

– Necə yəni, bir anda peyda olur? – Dik soruşdu. – Məgər o, sehrbazdır?! Kventin əmi harada gizlənə bilər axı?

– Heç bilmirəm sizə nə cavab verim, – Fanni xala gülümsəyərək dedi. – Yaxşısı budur, gələndə özündən soruşarsınız.

Uşaqlar buterbrodlarını yeyib-qurtarmışdılar. Timmi də tox idi. Fanni xala onlara sərin portağal şirəsi süzdü. İt də susamışdı, odur ki yaxınlıqdakı yağış gölməçəsinə tərəf qaçıb su içməyə başladı.

– Buna bir bax! Gölməçənin yeri hələ də yadında qalıb, – Corc fəxrlə dilləndi. – Susayan kimi hansı tərəfə qaçmalı olduğunu bildi.

– Maraqlıdır, bəs, görəsən, Timmi niyə Kventin əminin qoxusunu almır? – Dik təəccüblə soruşdu. – O nə zirzəmidə, nə də qüllədə bir dəfə də olsun, hürmədi. Deməli, Kventin əmi yaxınlıqda deyil!

– Mən artıq narahat olmağa başlayıram, – Corc fikirli-fikirli dedi. – Ana, sən niyə bu qədər sakitsən?

– Dedim axı, siz Kventini yaxşı tanımırsınız, – Fanni xala cavab verdi. – Hər şeyin öz vaxtı var. O, lazım bildiyi vaxt çıxıb gələcək.

Bu vaxt uşaqlar qəribə səs eşitdilər: sanki quduz bir it qəzəblə sümük gəmirirdi. Sonra qüllədən fışqırıq səsi gəldi, qüllə divarından bayıra çıxmış iki məftilin açıq uclarının arasında qığılcım parladı.

– İndi gördünüzmü ki, Kventin əminiz buradadır?! – Fanni xala gülərək dedi. – Mən bundan əvvəl də bura gələndə belə səs eşitmişdim, amma haradan gəldiyini başa düşməmişdim.

– Ora baxın, ora baxın! – Enn qəfildən qışqırıb yerindən sıçradı. – Kventin əmi orada dayanıb, qüllənin yanında! O bura necə gəlib çıxdı axı?




Sirr


Uşaqlar heyrətlə sakitcə əllərini cibinə salıb qəsrin üstündə dövrə vuran dolaşalara tamaşa edən Kventin əmiyə baxırdılar. O, hələ uşaqları görməmişdi. Timmi hürərək hamıdan qabaq Corcun atasına tərəf qaçmağa başladı, uşaqlar da onun dalınca götürüldülər. Deyəsən, Kventin əmi onların gəlişinə bir o qədər də sevinməmişdi.

– Oho, bu nə sürprizdir! – o, zorla gülümsəyərək dedi. – Sizin burada olduğunuzu bilmirdim.

– Nə danışırsan, Kventin! – Fanni xala məzəmmətlə dilləndi. – Mən özüm axırıncı dəfə adada olanda sənin bloknotuna bu gün gələcəyimizi yazmışdım ki, yaddan çıxarmayasan.

– Doğrudan? Bilirsən, düzünü deyim ki, mən heç o bloknota baxmamışam, ona görə də yadıma düşməyib, – Kventin əmi bunu deyib uşaqlarla görüşdü.

– Kventin əmi, bəs siz harada idiniz? – Dik soruşdu. – Biz bütün adanı qarış-qarış axtardıq, amma sizi tapa bilmədik.

– Mən? Harada olacağam, öz laboratoriyamda!






Uşaqlar heyrətlə sakitcə əllərini cibinə salıb qəsrin üstündə dövrə vuran dolaşalara tamaşa edən Kventin əmiyə baxırdılar. O, hələ uşaqları görməmişdi.



– Sizin laboratoriyanız haradadır ki? Biz hətta qüllənin təpəsindəki balaca otağa…

– Necə?! – Kventin əmi hirslə oğlanın sözünü kəsdi. – Siz qülləyə çıxmısınız? Bu çox təhlükəlidir! Mən elmi təcrübəmə elə indicə ara verdim, ona kimi naqillər yüksəkgərginlikli elektrik mənbəyinə qoşulmuşdu!

– Hə, biz o cihazın necə işlədiyini gördük, – bu dəfə Culian dedi. – Qəribə qurğudur…

– Siz nahaq yerə adaya gəlmisiniz, – Kventin əmi başını bulayıb dedi. – Mənə işləməyə imkan verməyəcəksiniz. Deyin görüm, qüllənin içinə necə girdiniz? Qapını bağlamışdım axı…

– Düzdür, qapı bağlı idi, – Culian dedi. – Amma açar üstündə idi. Biz bilmirdik axı, içəri girmək olmaz…

– Necə, açar qapının üstündə idi? – Kventin əmi təəccüblə soruşdu. – Elə bilirdim, onu itirmişəm. Yaxşı, amma bundan sonra qülləyə yaxın getməyin! Bu çox təhlükəlidir!

– Kventin əmi, siz hələ də laboratoriyanızın harada olduğunu demədiniz? – Dik əl çəkmək istəmirdi. – Birdən-birə haradan gəlib çıxdınız?

– Mən onlara demişdim ki, tezliklə peyda olacaqsan, – Fanni xala söhbətə qarışdı. – Nə yaman sınıxmısan, deyəsən, düz-əməlli yemək yeməmisən. Sənə xeyli ərzaq qoyub getmişdim.

– Hə? – Kventin əmi yenə təəccüblə soruşdu. – Xəbərim olmayıb. Mən işləyəndə başqa heç nə barədə fikirləşə bilmirəm. Amma indi yaman acmışam. Buterbroddan qalıb?

O bunu deyib elə acgözlüklə yeməyə girişdi ki, deyərdin, bir həftədir dilinə heç nə dəyməyib.

– Kventin, belə olmaz axı! – Fanni xala ona baxıb dedi. – Özünə heç fikir vermirsən. Mən burada qalıb sənə yemək hazırlayacağam.

Kventin əmi bir anlıq tikəsini çeynəməyə ara verib narahatlıqla həyat yoldaşına baxdı.

– Yox, yox, lazım deyil! – tələm-tələsik dilləndi. – Sən mənim işləməyimə mane olarsan. Bu dəqiqə çox mühüm bir təcrübə aparıram.

– Bəs sənin bu təcrübəndən kiminsə xəbəri var? – Fanni xala soruşdu.

– Bilmirəm, – Kventin əmi çiyinlərini çəkdi. – Yəqin ki, var. Mən elə bunun üçün bura gəlmişəm. Birincisi, təcrübə apardığım yerin yaxınlığında su olmalıdır. İkincisi, yad gözlərdən nə qədər uzaq olsam, o qədər yaxşıdır. Odur ki təcrübə aparmaq üçün Kirrin adasından yaxşı yer tapmaq mümkün deyil. Axı adaya yaxınlaşmaq üçün sualtı qayaların yanından keçmək lazım gəlir, bunu isə hər adam bacarmır. Yalnız sahildəki bir neçə balıqçıdan başqa. Onlara da tapşırmışam ki, adaya heç kimi gətirməsinlər.

– Kventin əmi, xahiş edirik, bizə laboratoriyanı göstər! – Dik dedi.

– Dik, əmini bezdirmə! – Fanni xala oğlana təpindi. – Qoy rahat yeməyini yesin!

– Cavan oğlan, mənim laboratoriyam sənin nəyinə lazımdır axı? – Kventin əmi soruşdu.

– Bağışlayın, əmican, mən, sadəcə, bilmək istəyirdim ki, o harada yerləşir? Axı biz bütün adanı axtarmışdıq.

– Deməli, yaxşı axtarmamısınız! – Kventin əmi bunu deyib süfrədəki cemli bulkalardan birini götürdü. – Corc, itini kənara çək, imkan vermir, yeməyimi yeyim.

Corc Timmini süfrədən uzaqlaşdırdı. Kventin əmi Fanni xalanın nahar üçün hazırladığı bütün buterbrodları yeyib-qurtarmış, indi də şam yeməyinə saxladığı qəlyanaltıya keçmişdi. Fanni xala başını bulaya-bulaya ona baxırdı.

– Kventin, bəs sən özün təhlükədə olmadığına əminsən? – o soruşdu. – Yəni dəqiq bilirsən ki, burada səni keçən dəfəki kimi heç kim izləməyəcək?

– Əlbəttə, əminəm. Bunu eləyə bilməzlər!

– Culian, əminə siqnal barədə danışa bilərsən, – Fanni xala dedi. – İndi bunun əsl məqamıdır.

– Kventin əmi, – Culian nəzakətlə sözə başladı, – əgər sizə zəhmət deyilsə, hər səhər və axşam qüllədən bizə siqnal göndərə bilərsiniz? Onda əmin olarıq ki, başınıza bir iş gəlməyib.

– Yoxsa mən hər gün bura gəlib sənə baş çəkəcəyəm, – Fanni xala əlavə etdi.

– Biz də gələcəyik! – uşaqlar bir ağızdan dilləndilər.

Bu, Kventin əmini qətiyyən qane eləmirdi, odur ki dərhal siqnal göndərməyə razılıq verdi.

– Yaxşı, hər səhər və axşam qüllənin təpəsindən sizə siqnal verərəm. Onsuz da hər on iki saatdan bir yuxarı çıxıb naqil sistemini yoxlamalıyam. Deməli belə, sizə hər səhər və axşam saat 11-in yarısında siqnal göndərəcəyəm. Danışdıq?

– Bəs bunu necə edəcəksiniz? – Culian soruşdu. – Məsələn, səhərlər güzgüyə günəş şüası salmaqla bizə siqnal göndərə bilərsiniz.

– Pis fikir deyil, – Kventin əmi razılaşdı. – Axşamlar isə fənər işığı ilə siqnal verərəm. Amma bu gün siqnal-zad gözləməyin. Sabahdan başlayacağam.

– Kventin, əzizim, hirslənmə, – Fanni xala dedi. – Sən burada tamamilə tək olduğuna görə narahat oluruq.

Kventin əmi saatına baxıb dedi:

– Yaxşı, artıq vaxtdır, gedək sizi qayığa qədər ötürüm.

– Amma biz axşam düşənə kimi burada qalmaq istəyirdik! – Corc etiraz elədi.

– Yox, yox, qətiyyən olmaz, – atası dilləndi. – Siz mənim fikrimi işdən yayındırırsınız. Uşaqlar, getdik!

Kventin əmi qayıqlara tərəf yollandı, qalanları da onun arxasınca addımlamağa başladılar.

– Kventin, biz bir də nə vaxt sənə baş çəkə bilərik? – yolda Fanni xala soruşdu.

– Mən çağırmadan gəlməyin! Az qalıb, tezliklə təcrübəmi başa vuracağam. Bir ora baxın! Timmi dovşan tutub!





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/enid-blayton/gizli-laborotoriya-68289661/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Labirint – yol və keçidləri dolaşıq, tapılması çətin olan ünvan




2


Mayak – gəmilərə yol göstərmək üçün siqnal işığı olan hündür qüllə




3


Buxta – dənizdə gəmilərin yanaşması üçün münasib kiçik körfəz




4


Radar – radiodalğalar vasitəsilə hər hansı obyektin yerini, hərəkət istiqamətini və sürətini müəyyənləşdirən cihaz, qurğu



“Möhtəşəm beşlik” seriyasından bu kitabda elmi araşdırmalarla məşğul olan Kventin əminin həyatına yaranan təhlükədən danışılır. Lakin dörd uşaq və onların sevimli köpəyi naməlum şəxslərin bütün planlarını pozurlar…

Как скачать книгу - "Gizli laborotoriya" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Gizli laborotoriya" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Gizli laborotoriya", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Gizli laborotoriya»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Gizli laborotoriya" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Видео по теме - PREZİDENTLERİ ANALİZ EDEN GİZLİ LABORATORİYA

Книги серии

Книги автора

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *