Книга - Quran hekayətləri

a
A

Quran hekayətləri
Sədrəddin Bəlaği


Görkəmli İran alimi Sədrəddin Bəlağinin "Quran qissələri” – “Quran hekayətləri" kitabı çağdaş oxucularda bu müqəddəs kitabdakı hekayətlər haqqında düzgün və dolğun təsəvvür ya-ratmaq məqsədilə qələmə alınmışdır.





Sədrəddin Bəlaği

Quran hekayətləri





ÖN SÖZ


İlahi kitabların sonuncusu və ən möhtəşəmi – İslam mədəniyyətinin müqəddəs yazı abidəsi Qurani-Kərimin müəyyən bir hissəsini folklor süjetləri və ulu peyğəmbərlərin həyatlarına aid qissələr – hekayətlər təşkil edir. Tarixi gerçəklikləri əks etdirən bu əbədi parçalar insanlara yüksək bəşəri hisslər aşılayır, onları düzlük və paklığa, daxili zənginlik və mənəvi ucalığa səsləyir. Böyük əhəmiyyət daşıyan bu qissələr yüzilliklər boyu Yaxın və Orta Şərq xalqlarının zəngin ədəbiyyat xəzinəsi üçün tükənməz qaynaq olmuşdur.

Azərbaycan ədəbiyyatı tarixində də Qurani-Kərimin yeri ölçülməz dərəcədə böyükdür. Klassik şair və yazıçılarımızın demək olar ki, hamısı bu müqəddəs, qutsal kitaba dönə-dönə üz tutmuş, ondan bəhrələnmişlər. Klassik ədəbiyyatımızda bol-bol işlənən "Nuhun gəmisi", "İbrahimin dəyanəti", "Nəmrud odu", "Yaqub həsrəti", "Yusif gözəlliyi", "Süleyman hikməti", "Qarun sərvəti", "Əyyub dözümü", "Musanın əsası", "Zəmzəm suyu", "İsgəndər səddi" kimi ifadələr Quranda olan hekayətlərlə bağlıdır.

Görkəmli İran alimi Sədrəddin Bəlağinin "Quran qissələri” – “Quran hekayətləri" kitabı çağdaş oxucularda bu müqəddəs kitabdakı hekayətlər haqqında düzgün və dolğun təsəvvür yaratmaq məqsədilə qələmə alınmışdır.

Kitab iki hissədən ibarətdir. Onun həcmcə daha böyük olan birinci hissəsini Quran hekayətləri təşkil edir. Müəllif Qurandakı məlum süjetləri yazıçı təxəyyülü ilə oxunaqlı, maraqlı bir şəkildə, yüksək bədii üslubda, qısa və yığcam qələmə almışdır. Hekayətlər tarixilik baxımından böyük bir dövrü əhatə edir: bəşərin ulu babası Adəm peyğəmbərin macərası ilə başlayır və dünyanın sonuncu peyğəmbəri Həzrət Məhəmmədin (s.) doğum ilində baş vermiş "Əshabi-fil" hadisəsi ilə bitir. Hər bir hekayətin başlanğıcında onun Qurani-Kərimin hansı surəsindən götürüldüyü qeyd olunur və ayələrin sıra sayları ilə göstərilir. Hekayətlərin böyük bir qismini ulu peyğəmbərlərdən İbrahim peyğəmbərin, Yusif peyğəmbərin və Musa peyğəmbərin başına gələn əhvalatlar təşkil edir.

Sözsüz ki, Quran hekayətləri içərisində "Yusifin hekayəti" öz şirinliyi və həzinliyi, canlılığı və yanıqlığı ilə seçilir. Burada peyğəmbərlərlə yanaşı hökmdarların, adi insanların, hətta dustaqların da həyatı təsvir olunmuş, insan övladının yüksək bəşəri əxlaqı, adi duyğu və hissləri ifadə edildiyi kimi, onun çirkin əməlləri, paxıllıq və xəyanəti də göstərilmiş və pislənmişdir. Qədim bir təfsirdə deyildiyi kimi, Yusif qissəsində heç bir hekayətdə rast gəlinməyən qırx hikmət vardır. Elə buna görə də Uca Tanrı Yusif qissəsini "Əhsənül-qisəs" (Hekayətlərin ən yaxşısı) adlandırmışdır. Təsadüfi deyil ki, bu qissə hələ orta yüzilliklərdə bir çox Şərq şair və ədibləri üçün ilham mənbəyinə çevrilmiş, ölməz bədii sənət nümunələrinin yaranmasına səbəb olmuşdur. Yusif mövzusunda qələmə alınmış bədii əsərlər içərisində türkdilli şairlərdən Əlinin (XIII əsr) "Qisseyi-Yusif", Yusif Məddahın (XIV əsr), Suli Fəqihin (XIV əsr), Şəyyad Həmzənin (XIV əsr), Xətai Təbrizinin (XV əsr) "Yusif və Züleyxa" poemaları xüsusi yer tutur. Böyük Füzuli də bu mövzuya biganə qalmamış və "Hədiqətüs-süəda" (Xoşbəxtlər bağçası) adlı əsərinin ən böyük fəslini Yusifin iztirablarına həsr etmişdir. S.Bəlaği gözəllik, sədaqət rəmzi olan Yusif peyğəmbərin başına gələnləri olduqca təsirli bir dillə, canlı şəkildə, böyük ustalıqla qələmə almışdır. Eyni sözləri müəllifin zəngin qaynaqlar əsasında işlədiyi başqa hekayətlərə də aid etmək olar. Fikrimizcə, bu hekayətləri oxuduqdan sonra Qurandakı bir sıra incə mətləblər oxucular üçün daha aydın, daha anlaşıqlı olacaqdır. Bu baxımdan kitabın ikinci hissəsi olan "Lüğət"in xüsusilə böyük əhəmiyyəti vardır. Ensiklopedik mahiyyət daşıyan bu zəngin lüğətdə Quranda adı çəkilmiş, haqqında danışılmış peyğəmbərlər, hekayətlərdəki ayrı-ayrı surətlər, təsvir olunmuş hadisələr, onların cərəyan etdiyi yerlər haqqında məlumat verilir, ayrı-ayrı dini məfhum və anlayışların mahiyyəti yığcam şəkildə açıqlanır. Lüğətdə "Atəş", "Axirət", "Asiman", "Qiyamət", "Büt", "Xuda" başlıqlı yazılar mövzunun dolğun və dərin izahı ilə seçilir və müəllifin bu sahədə yetkin və nüfuzlu bir alim olduğunu göstərir. Bütövlükdə maraqla oxunan və müstəqil elmi-kütləvi araşdırma təsiri bağışlayan bu yazılar içərisində "Zülqərneyn" xüsusi yer tutur. Müəllif burada Quranda adı çəkilmiş Zülqərneynin indiyədək Makedoniyalı İsgəndər kimi qəbul olunmasını yanlış hesab edir və zəngin dini, elmi ədəbiyyata əsaslanaraq göstərir ki, "ikibuynuzlu" bu "cahangir" heç də İsgəndər yox, məşhur İran hökmdarı Kuroşdur. Sözsüz ki, Bəlağinin bu hökmündə müəyyən dərəcədə fars təəssübkeşliyi özünü açıq-aşkar göstərsə də, hər halda müəllifin Zülqərneyn haqqında irəli sürdüyü fikirlər yeni və ağlabatandır.

Müəllif kitabın "Lüğət" hissəsində yeri gəldikcə Qurandan çoxlu ayələr və misallar gətirmiş və onların izahını vermişdir. Həmin ayələri dilimizə çevirərkən biz bu izahlarla yanaşı Quranın türkcə məalından və ruscaya tərcüməsindən də bəhrələnmişik.

"Quran hekayətləri”nin lüğətindəki ayrı-ayrı mövzuların izahında müəllif yeri gəldikcə Şərqin bir sıra tanınmış Quran təfsirçilərinə, görkəmli tarixçi və filosof alimlərinə üz tutmuş, öz fikirlərini əsaslandırmaq üçün onların əsərlərindən nümunələr gətirmişdir. Bu təfsirçilərin çoxu heç şübhəsiz, fars oxucularına yaxşı bələd olduğundan Sədrəddin Bəlaği onlar haqqında heç bir məlumat verməmişdir. Biz isə həmin müəlliflər haqqında geniş oxucu kütləsini nəzərə alaraq qısa qeydlər verməyi məqsədəuyğun bildik. Qeyd edək ki, Sədrəddin Bəlaği ayrı-ayrı müəlliflərin adını tam şəkildə vermədiyindən onların bir neçəsi haqqında məlumat əldə edə bilmədik. İbn Sina, Əbu Reyhan Biruni, İbn Xəldun kimi görkəmli şəxsiyyətlər haqqında isə onların məşhurluğunu nəzərə alaraq qeydlər verməyi artıq hesab etdik.

Lüğət ümumi tədqiqat işinin tərkib hissəsi olduğundan onun fars əlifbasına uyğun olaraq orijinalda olan ardıcıllığını saxlamağı məsləhət bildik.

Sədrəddin Bəlağinin “Quran hekayətləri” kitabı İranda yazıldığı gündən geniş şöhrət qazanmışdır. Təkcə bunu xatırlatmaq kifayətdir ki, kitab yalnız 1950-1955-ci illər arasında İranda kütləvi tirajla on dəfə çap olunmuşdur. Müəllifin çoxsaylı əsərləri sırasında İranda dəfələrlə çap olunmuş "Bürhani-Quran" (Quranın dəlilləri), "Ədaləti-qəza dər İslam" (İslamda hökmün ədaləti) adlı kitabları da məşhurdur.

Sədrəddin Bəlaği "Quran hekayətləri" kitabına yazdığı qısa "Ön söz"ündə qeyd edir ki, bəşər övladının enişli-yoxuşlu həyatını əks etdirən bu dəyərli və ibrətli hekayətlər bugünkü insanların da həyat yoluna işıq salmalı, onlar üçün əvəzsiz örnək olmalıdır. Biz də kitabın tərcüməsini bitirib onu çapa təqdim edəndə bu fikrə qoşularaq ümid etdik ki, Sədrəddin Bəlağinin "Quran hekayətləri" kitabının dilimizə tərcüməsi Azərbaycan oxucuları, xüsusilə də ədəbiyyatşünaslar, islamşünaslar üçün faydalı olacaq və rəğbətlə qarşılanacaqdır. Heç şübhəsiz, yenidən nəşrə hazırlanan bu kitab müstəqillik illərində dünyaya gəlmiş gənc nəslin mənəvi tələbatının ödənilməsinə xidmət etməsi ilə yanaşı, onların əxlaq normaları çərçivəsindəki təlim-tərbiyə prosesi üçün də əvəzsiz mənbə olacaqdır.



    Möhsün Nağısoylu




ADƏM[1 - Qurani-Kərim, Bəqərə surəsi, 29-39-cu ayələr.]


Allah-Taala yeri iki günə[2 - Burada və Qurandakı ayələrin çoxunda "gün" dedikdə varlıqların üzə çıxması müddəti nəzərdə tutulur. Buna görə də "gün" anlayışı milyonlarla illəri əhatə edə bilər.] yaradıb onu böyük dağlarla möhkəmlətdi. Yer sakinlərinin bütün ehtiyaclarını isə dörd günə hazır etdi. Sonra qaza oxşar bir maddə ilə yeri işıqlandırıb göyü yaratmağa başladı və hər ikisini öz iradə dairəsinə daxil etdi. Daha sonra dua oxuyan, ibadət edən mələkləri yaratdı. Sonra iradəsi və hikmətinin tələbi ilə Adəmi və onun nəslini yaratmaq üçün mələklərə belə bir xəbər göndərdi: "Elə bir yeni məxluq yaradacağam ki, yer üzündə xəlifəm olsun, orada məskən salıb nəsli hər bir yana yayılsın, torpaqda bitənlərdən yeyib onun təkindəki nemət və bərəkətləri üzə çıxarsın". Mələklər yeni yaradılacaq xilqətin təbiətindəki hikməti və Tanrının onu yer üzünə xəlifə təyin edəcəyini bilmirdilər. Allah-Taala mələklərə onu da bildirdi ki, yeni yaranacaq məxluqun böyük bir qismi dindarlıq və ibadətə, itaət və dua etməyə mələklər qədər can atmayacaqlar. Ona görə də mələklər Allaha üz tutub söylədilər: "Yer üzündə fitnə törədən, qanlar tökən bir kəsimi xəlifə yaradacaqsan? Axı biz dua oxuyur ibadət edirik!"[3 - Təbiidir ki, bu sual mələklər tərəfindən İlahi hikmətinə etiraz, ya şəkk, ya da Adəmə, onun nəslinə tənə etmək üçün verilməmişdi. Çünki mələklər Allahın elə yaxın, müqəddəs məxluqları və əziz bəndələridir ki, Onun əmrindən çıxmır, buyruğuna əməl edirlər. Əksinə, mələklər şübhələri yox etmək, əsl həqiqəti bilmək və yer üzündə xəlifəlik mənsəbinə çatmağa ümidvar olmaq üçün bu sualı vermişdilər. Axı onlar İlahi neməti və mərifətinə itaətdə özlərini üstün sayırdılar.]

Bu anda Allah-Taalanın cavabı onları heyrət və şübhədən qurtardı. Cavabın xülasəsi belə idi: "Siz bu məxluqun sirrindən xəbərsizsiniz və mənim bildiyimi siz bilmirsiniz". Sonra mələklərə buyurdu: "Adəmə səcdə etməyə hazır olun. İndicə Adəmin bədənini düzəldib ona can üfürəcəyəm".

Tanrı Adəmin bədənini gildən yaradıb ona can üfürdü. Onun bədəninə həyat nəsimi dəydi, iradəsi və hissləri fəaliyyətə başladı. Sonra Allah-Taala ona mərifət və nemət bəxş etdi. Öz nurundan ona bir işıq və aydınlıq saçaraq yaradılmışların adlarını və sirlərini öyrətdi. Sonra yer üzündəki məxluqların şəklini təsvir edərək mələklərin zəifliyini, biliklərinin nöqsanlı olduğunu bildirmək və Adəmin üstünlüyünü anlatmaq üçün buyurdu: "Əgər düz deyirsinizsə, bu məxluqların adlarını və sirlərini mənə söyləyin". Mələklər bu imtahan qarşısında şaşqın qalıb cavab verə bilmədilər. Onlar əlacsız qalaraq acizliklərini, elm və mərifətdə bacarıqsızlıqlarını etiraf edib dedilər: "Biz Səndən öyrəndiyimizdən başqa heç nə bilmirik. Əsl alim və bilici Sənsən". Adəmin isə mənəvi nemət mənbəyindən feyziyab olmaqda, İlahi elminin nurundan bəhrələnməkdə istedadı var idi. O, yaradılmışların adlarını öyrənmiş, sirlərini dərk etmişdi. Odur ki, Allahın əmrilə yaranmışlar haqqında bildiklərini mələklərə söylədi və bu yolla İlahinin yaradıcı mövqeyinin hikmətini açıb dedi.

Bu anda Tanrı mələklərə buyurdu: "Məgər sizə demədim ki, göylərin, yerin sirlərini bilirəm və sizin aşkar və gizlin işlərinizə bələdəm".

Mələklər Adəmin biliyini, yaranışındakı sirri anlayıb onun seçilməsindəki hikməti bildilər. Belə olduqda Tanrı mələklərə buyurdu ki, Adəmin tutduğu məqamın etirafı kimi ona səcdə etsinlər. Lakin mələklərin cərgəsində olan şeytan dikbaşlığına və yersiz məğrurluğuna görə Tanrı fərmanından boyun qaçırdı. Allah-Taala şeytanı töhmətləyib buyurdu: "Sənə nə mane oldu ki, mənim öz rəhimli əlimlə yaratdığım məxluqa səcdə etmədin?"

Şeytan dedi: "Mən mənşə və mahiyyətcə Adəmdən üstünəm və heç kəs mənimlə bərabər ola bilməz. Heç bir varlıq mənim uca rütbəmə çata bilməz. Mən odun yanar cövhərindən yaranmışam, o isə qara gil tərkibindən. Ona görə də mənə yaraşmaz ki, ona səcdə edəm".

Allah-Taala şeytanı itaətsizlik və dikbaşlığına görə cəzalandıraraq dedi: "Səadət behiştindən çıx. Sən yanımdan qovulursan və Qiyamət gününədək lənət və nifrətə layiq olursan".

Şeytan öz Tanrısından xahiş etdi ki, Qiyamət gününədək ona ömür versin. Allah-Taala onun xahişini qəbul etdi. Elə ki, şeytanın istəyi yerinə yetdi, o, nankorluq edərək İlahi lütfünə görə minnətdarlığını bildirmədən ədəbsizliklə dedi: "İndi ki, məni yoldan azdırdın, sənin haqq yolunda Adəmi və nəslini izləyib onları yoldan çıxarmağa çalışacağam. Öndən və arxadan, sağdan və soldan onların qəsdinə duracağam və görəcəksən ki, onların çoxu minnətdarlıq şərtinə əməl etməyəcəklər".

Allah-Taala şeytanı alçaqlıq və dikbaşlığına görə öz dərgahından qovub dedi: "Özün üçün seçdiyin yolla get və bəndələrimdən hansı birinə gücün çatsa, bildiyini et. Atlı və piyada qoşununu onların üstünə sal, mal və övladlarına şərik ol. Yalan vəd və xam xəyallarla onları alçalt. Ancaq imkan verməyəcəm ki, möhkəm iradəli və ağıllı bəndələrimə əlin yetişsin, onlar üzərində qələbə çalasan. Onların ürəkləri səndən dönüb, qulaqları sənin sözlərinə bağlanıb. Adamları yoldan çıxarmaq, aldatmaq haqqındakı qərarın isə cavabsız qalmayacaqdır. Onun ağır cəzasını alacaqsan. Səni və sənin yoluna düşənləri cəhənnəmə dolduracağam".

Allah-Taala beləliklə, şeytanı öz lütf və nemətindən məhrum etdi. Adəmlə arvadına isə behiştdə yer verib onları şeytanın hiyləsindən xəbərdar edərək bildirdi: "Şeytanın sözlərinə qulaq asmağı sizə qadağan edirəm, yoxsa behiştdən qovular və onun nemətlərindən məhrum olarsınız". Allah-Taala Adəmlə Həvvaya behiştin bütün nemətlərindən istifadə etməyə icazə verdi. Yalnız bir ağacın meyvəsinə yaxınlaşmağı qadağan edərək bildirdi ki, əgər o ağacdan çəkinsələr, onlar üçün hər cür nemət hazır olacaq. Heç bir korluq çəkmədən, xəstəlik və susuzluq nə olduğunu bilmədən behiştdə ömür sürəcəklər.

Adəm behiştdə məskən salıb onun nemətlərindən feyziyab oldu. O, ağacların arasında gəzir, onların kölgəsində dincəlir, güllərdən dərir, iyləyir, meyvələrindən yeyir və bağdakı dadlı sulardan içirdi. Həvva da Adəmlə bərabər bütün bu nemətlərdən faydalanırdı.

Adəm və Həvva bir müddət beləcə səadət içində yaşadılar. Onların bu xoşbəxt həyatı şeytanın ürəyinə, gözünə tikan kimi batırdı. Axı o, düşmənini xoşbəxt, özünü isə qaragünlü görürdü. Odur ki. Adəmdən intiqam almaq və onu behiştin nemətlərindən məhrum etmək fikrinə düşdü. Şeytan öz qərarını yerinə yetirmək üçün hiylə ilə behiştə girib məsləhətçi donunda Həvvanın yanına gəldi. Şeytan əvvəlcə Adəmlə Həvvaya hər cür mehribanlıq göstərdi, sonra isə onları bu nemət və səadətin yox olacağı ilə qorxudaraq dedi: "Allahın bu ağacı sizə qadağan etməsinin sirri yalnız bundadır ki, əgər ondan istifadə etsəniz, ya mələk olacaqsınız, ya da əbədilik behiştində qalacaqsınız".

Şeytan öz şirnikdirməsini beləcə davam etdirirdi. O, Adəmlə Həvvaya təsir edə bilməyəcəyini görüb ümidsiz halda and içərək dedi: "Mən sizin etibarlı məsləhətçinizəm və əsla ziyanınızı istəmərəm. Sizdən intiqam almaq niyyətim də yoxdur". Şeytan o qədər dil tökdü ki, Adəmlə Həvva bir gün əllərini həmin ağacın meyvəsinə buladılar.

Adəmlə Həvva şeytanın hiylə toruna düşdükdə Allah-Taala onları behişt nemətindən məhrum edib buyurdu: "Məgər mən sizə bu ağacı qadağan edib deməmişdim ki, şeytan sizin açıq-aşkar düşməninizdir?"

Adəmlə Həvva tutduqları işdən peşman olub dedilər: "Ya Rəbb, biz özümüzə zülm etdik. Əgər bizə rəhm edib mərhəmət göstərməsən, şəksiz ki, ziyankarlardan olacağıq".

Allah-Taala buyurdu: "Behiştdən çıxın, siz yer üzündə məskən salacaq və Qiyamət gününədək bir-birinizə düşmən olacaqsınız".

Sonra Allah-Taala rəhmə gəlib Adəmlə Həvvanın tövbəsini qəbul etdi. Adəmlə Həvva tövbələrinin qəbul olunmasına sevinib ümid etdilər ki, behiştdə qalıb yenə də onun nemətlərindən bəhrələnəcəklər. Ancaq Allah-Taala onların ürəklərindən keçənləri bilib buyurdu ki, behiştdən çıxsınlar. Tanrı Adəmlə Həvvaya xatırlatdı ki, onlarla şeytan arasındakı bu düşmənçilik beləcə davam edəcəkdir. Buna görə də onun fitnə-fəsadına uymasınlar, İlahi göstərişinə əməl etsinlər.

Tanrı Adəmə yer üzündə yaşamaq qayda-qanununu öyrətdi və onun ürəyində ümid işığı yandırdı. Ona xəbər verdi ki, xoşbəxt günlərin, əziyyətsiz rahatlıq dövrün keçdi, indi behiştdən çıxandan sonra həyatının xüsusi bir mərhələsinə qədəm qoyursan. Qarşında iki yol vardır: Biri doğru yoldur, o biri çaşqınlıq yolu. Biri imandır, o biri dinsizlik. Biri kimsəni xilas etməkdir, o biri kiməsə zərər yetirməkdir. Odur ki, kim İlahi qayda-qanununu gözləsə, onun düzgün yolu ilə getsə, şeytanın azdırması və şirnikdirməsindən əsla qorxusu yoxdur. Ancaq Allahdan üz döndərib, Onun yolundan çıxanlar çətinliyə və bədbəxtliyə düşəcək, elə şəxslərdən olacaqlar ki, dünyada özlərini yaxşı adam saysalar da, həyatdakı bütün səyləri əyriliyə və yolazmaya yönələcəkdir.




ADƏMİN OĞLANLARI[4 - Qurani-Kərim, Maidə surəsi, 31-35-ci ayələr.]


Bəşər bağçasının ilkin qönçələri açılırdı. Adəmlə Həvvanın həyatı çoxlu əzablardan, sonsuz əziyyətlərdən sonra öz yoluna düşməyə başlayırdı.

Həvva iki dəfə doğdu və dünyaya dörd övlad gətirdi. Birinci dəfə Qabil və bacısı, ikinci dəfə isə Habil və bacısı dünyaya göz açdılar. Adəmlə Həvva əziz övladlarının dünyaya gəlişindən şad olub sevindilər. İllərlə ağladığından, ruzigarın acısını daddığından sonra onların həyat üfüqündə ümid qığılcımları parladı, ürəklərində şadlıq və sevinc hissləri baş qaldırdı.

Övladlar mehriban ata və ananın məhəbbətlə dolu qucağında boy atıb, saflıq duyğuları ilə böyüdülər. İllər ötdü, övladlarının həyatına təravət və cavanlıq gücü gəldi. Qızlar qadınlıq həddinə çatdılar, oğlanlar isə ruzi qazanmaq, yemək əldə etmək üçün çalışdılar. Qabil əkinçiliyə girişdi, Habil isə qoyun otarmağa başladı. Bu yolda Adəmin xoşbəxt ailəsinin dolanışığı və səadəti təmin edilmiş oldu. Yaşayış qaydalarının, təbiət qanunlarının tələbi ilə oğlanlarda cinsiyyət duyğuları baş qaldırdı. Qabillə Habil hər biri özünə həyat yoldaşı axtarmağa başladı. Oğlanlar bu yolla ürəklərini şad etmək, əzablı həyatdan qurtularaq məhəbbətin qoynunda yaşamaq istədilər.

İlahinin əzəli iradəsilə Adəm övladı ruzisini alın təri ilə ələ gətirməlidir. Əkinçilərin qabarlı əlləri ilə torpağın təmasından yer üzünün sərvəti artmalı və Adəm övladları törəyib çoxaldıqca onlarda yeni-yeni duyğu və hisslər yaranmalı idi. Xoşbəxtlik və bədbəxtlik, xeyir və şər ortaya çıxmalı və insanlar həyat meydanını bəzəməli idilər. Buna görə də Tanrı bəşərin atası Adəmə bu vəhyi göndərdi: "Oğlanlarından hər birini o birinin bacısı ilə evləndir. Qoy onlar həyata vurulub rüzgarın əzablarına hazır olsunlar".

Adəm İlahinin sifarişini oğlanlarına bildirdi. O, ümidvar idi ki, oğlanları bu işdə Tanrı buyruğuna əməl edəcək və göstərişindən boyun qaçırmayacaqlar. Şübhəsiz ki, Qabilin dikbaşlığı və macəraçılığı olmasaydı, mehriban atanın arzusu yerinə yetəcəkdi.

İnsanın təbiətində özünüsevərlik, hərislik və tamah hissləri var. Ona görə də hər kəs gərək dikbaşlıq və tərslik etməsin, güclü nəfsini öldürsün, ağlı hisslərdən üstün tutsun. Belə şəxsi Allah hər iki dünyada əziz və möhtərəm tutacaq. Əksinə, kim ki, öz nəfsinə uyub hisslərinin cilovunu əldən versə, hökmən ziyana düşəcək. Belə adamların yaraşmaz hərəkətləri, murdar əməlləri yalnız öz nəzərlərində gözəl görünür.

Bu, həmişəlik dünyada qalan, əlamətləri bəşər həyatında görünən əzəli qanun və əbədi qaydadır.

Adəm İlahi buyruğunu oğlanlarına çatdırdıqda Qabil özündən çıxıb atasının iradəsinə qarşı baş əymədi. Axı qardaşının qismətinə düşən qız ona çatan qızdan daha gözəl idi. Odur ki, bu qərarla razılaşmayıb öz cütü ilə evlənməyi daha layiq bildi.

Sifətin gözəlliyi, bədənin yaraşığı elə bir qorxunc tufandır ki, bəşər əhlini yerindən oynadır və şəhvət toz-torpağını ağlın gözünə səpir. İnsanı ölüm və fəlakət uçurumuna atan, onu rüsvayçılıq bataqlığına salan belə tufanlar nə qədər çoxdur! Gözəllik burada iki qardaş arasında uçurum və ixtilaf yaratdı. Nəticədə onların biri atasının sözündən çıxdı və onun arzusunu gözündə qoydu.

Adəm əsla gözləmədiyi bir sıxıntıya düşüb çaşbaş qaldı. Çünki bir yandan istəyirdi ki, oğlanlarının xahişini yerinə yetirsin, o biri yandan çalışırdı ki, iki qardaş arasındakı xoş münasibət pozulmasın. O, çıxılmaz vəziyyətdə qalmışdı. Əlini göyə qaldırıb Allaha yalvardı ki, bu məsələnin həllində ona kömək etsin.

Allah-Taala vəhy vasitəsilə ona bu işin yolunu, çarəsini göstərdi. Adəm Tanrı göstərişilə oğlanlarına buyurdu ki, hər biri İlahi dərgahına bir qurbanlıq gətirsin. Hər kimin qurbanlığı qəbul olsa, istəyi yerinə yetsin. Habil qurbanlıq üçün ən yaxşı bir dəvə seçdi, Qabil isə bir azacıq buğda hazırladı. Hər ikisi ümid edirdi ki, məhz onun qurbanlığı qəbul olunacaq və bu yarışda qalib çıxacaq.

Habilin qurbanlığı qəbul olundu. Qurbanlığın qəbul olunmasının rəmzi kimi dəvəni od yandırdı. Qabilin qurbanlığı isə qəbul olunmadı, çünki qurbanlığını ürəkdən və sədaqətlə hazır etməmişdi.

Qabilin ümid şöləsi söndü. Düşmənlik və paxıllıq hissləri onun bütün ruhunu bürüdü, ürəyində qəzəb və kin alovu şölələndi. O, qardaşına hədə-qorxu gələrək dedi: "Səni öldürəcəyəm. İstəmirəm ki, sənin uğurunda öz uğursuzluğumu görəm. Öz məğlubiyyətimin əzabından, sənin qələbəndən canımı qurtarmaq istəyirəm".

Habil kədərli halda cavab verdi: "Qardaşım, yaxşısı budur ki, xəstəliyin kökünü axtarıb onu dibindən çıxarasan, özünün əxlaqi və mənəvi xəstəliyini sağaltmağa könül xoşluğu kimi bir nemətdən bəhrələnəsən. Axı sənin qurbanlığının rədd olunmasında mənim günahım yoxdur. Bu ona görədir ki, Tanrı yalnız təmiz adamların əməlini qəbul edir".

Habil o kəslərdən idi ki, Tanrı onları güclü bədən və iti ağılla mükafatlandırmışdı. Belə kəslər İlahi etimadını qoruyub saxlamış və Tanrı hikmətinin bərəkətinə nail olaraq onu əziz tutmuş, ata-anasının yolu ilə getmişdi. O, öz qismətindən razı idi və inanırdı ki, bu dünyadakı həyat keçici bir şey və davamsız kölgədir. Habil qardaşına mehribanlıq göstərir, onun pis rəftarından qorunurdu. Həmişə ona nəsihət verir, yol göstərirdi. Tanrıya arxalandığı üçün Habilin elə güclü ürəyi var idi ki, Qabilin hədəsindən, dikbaşlığından və yersiz inadından qorxmurdu. Eyni zamanda qardaşı barədə ürəyində pis hisslərə yol vermir və İlahi qismətini gözləyirdi, çünki Tanrı onun cövhərini təmizlik və paklıqdan yoğurmuşdu. Buna görə də o, yeri-göyü Yaradandan qorxur və Onu razı salmağa çalışırdı.

Habil qardaşına nəsihət edərək dedi: "Qardaşım, yaxşı fikirləş. Sən düz yoldan azmış, haqq yolundan çıxmısan. Yaxşısı budur ki, Allahdan mərhəmət istə və azğınlıq yolundan qayıt. Yox, əgər qərarın qətidirsə və fikrindən dönmək istəmirsənsə, onda mən gərək öz işimi Tanrıya tapşıram ki, günaha batmayam və itaətsizlik etmiş olmayam. Sən də günah altında qalıb cəhənnəm əhlindən olasan. Əlbəttə ki, günahkarların cəzası elə budur".

Qardaşlıq mərhəməti Qabilin qəlbində şölələnmiş paxıllıq və həsəd alovunun qarşısında təsirsiz qaldı. Aralarındakı keçmiş mehribanlıq və məhəbbət ürəyindəki qəzəb alovunu söndürə bilmədi, Allah qorxusu ata-ana haqq-sayı Qabilin şəhvət və nəfs tufanına müqavimət göstərə bilmədi. Axırda intiqam və ədavət, paxıllıq və həsəd hissləri Qabilin bütün vücudunu bir anda qorxunc tufan kimi bürüyüb gözlərini bağladı, ağlını əlindən aldı. Habil öz qanına boyandı, soyuq, cansız bədəni Qabilin qabağında torpağa düşdü.

Habilin cavan ömrü qırıldı, ömür çırağı söndü və Adəmin həyat üfüqündəki ümid ulduzu kimi qaranlıqlara düşdü. Qoca ata əziz oğlundan bir xəbər tutmaq üçün ora-bura qaçır, onu tapıb yanar ürəyinin yarasını söndürmək istəyirdi. Ancaq Habili nə qədər axtardısa da, ondan bir soraq tapmadı. Qabildən qardaşını soruşduqda o, sərt və qaba şəkildə dedi: "Mən onun gözətçisi deyildim! Sən onu mənə tapşırmamışdın!" Adəm bildi ki, oğlu öldürülüb. O, susub qəm-kədər yanğısını içində saxladı.

Habil yer üzündə öldürülən ilkin kəs idi. Qabil buna qədər dəfn görmədiyi üçün bilmirdi ki, qardaşının meyidini necə basdırsın, onu gözünün qabağından necə yox etsin. Bir müddət Habilin meyidini çiynində gəzdirdi, pərişan halda özünü ora-bura vurdu. Qabilin nəfsi və ağlı, arzusu və vicdanı arasında güclü bir təlatüm yaranmış, rahatlığı və yuxusu ərşə çəkilmişdi. O, ağır sarsıntı keçirirdi.

Qabil bərk yorulduğundan dizi üstə oturdu. Qardaşının meyidi hələ onun çiynində idi. Nəhayət, o təmiz, pak bədənə İlahinin rəhmi gəldi. Gələcək insanlara yol göstərmək və adəmlə oğlanlarının kəramətini qorumaq üçün Allah-Taala o dikbaş və yelbeyin oğlana çətin və xoşagəlməz dərd verdi. Qabil vəhyə layiq deyildi, ona görə də Tanrı bir qarğanı ona "müəllimliyə" göndərdi ki, bəlkə xudpəsəndlik dağı bu sərt və xoşagəlməz dərs önündə uçub dağıla və Qabil bu dəyərsiz qarğa qarşısında da öz ağlının zəifliyini, idrakının sönüklüyünü etiraf edə.

Allah-Taala ona iki qarğa göndərdi. Onlar Qabilin önündə bir-birilə vuruşdular və nəhayət onlardan biri o birini öldürdü. Diri qarğa dimdiyi ilə bir çala qazıb ölü qarğanı orada basdırdı. Bu hadisəni görən Qabil qan ağladı, nalə çəkərək qışqırdı: "Kül mənim başıma! Mən heç bu qarğacan da yoxam!"[5 - Qabilin qəzəbi və Habilin qətli haqqında rəvayətlər müxtəlifdir. Biz bu qissələri hazırlayarkən "Məcməul-bəyan" təfsirini əsas götürmüş və istər burada, istərsə də başqa qissələrdə daha çox həmin təfsirdəki şərtlərə üstünlük vermişik.]




NUH[6 - Qurani-Kərim, Hud surəsi. 26-49-cu ayələr.]


Nuhun tayfası uzun illər idi ki, bütlərə tapınır, onları xeyir qazanmaq və şərdən uzaq olmaq üçün vasitə sayırdı. Tayfa üzvləri yaşayışlarını, bütün işlərini bütlərə əsasən qurur və cahillik üzündən onları müxtəlif adlarla çağırırdılar.

Allah-Taala Nuhu onların yanına göndərdi. Nuhun səlis və aydın nitqi, iti ağlı və möhkəm dözümü vardı. Mübahisədə güclü dəlil-sübut gətirirdi.

Nuh tayfanı Allaha inanmağa çağırdı, ancaq onlar bu dəvəti qəbul etmədilər. Nuh tayfanı İlahi cəzası ilə qorxutdu. Lakin onlar qulaqlarını tıxayıb, gözlərini yumdular. Nuh onları həvəsləndirmək üçün dedi ki, Allaha inansalar, böyük savab qazanacaqlar. Lakin onlar yenə də əlləri ilə qulaqlarını tutub paltarlarını başlarına çəkdilər və inadkarlıqları üzündən Nuhun sözlərinə qulaq asmadılar.

O, özünün xoş rəftarına, mülayim söhbətlərinə ümid bəsləyərək müxtəlif üsullardan istifadə etməklə peyğəmbərliyini tayfaya inandırmağa çalışdı. Gecə-gündüz, həm açıqda, həm gizlində tayfasını Allah yoluna dəvət edib, aləmin sirləri, yaranmışların ən aliləri haqqında danışdı. Onların diqqətini gecələr qaranlığın düşməsinə, göyün, parlaq ulduzların, işıqlı günəşin yaranmasına, çaylı-çəmənli, bağlı-bağçalı yerin əmələ gəlməsinə cəlb etdi. Bütün bu sözləri o, tam aydın şəkildə, gözəl bir dillə, onların başa düşəcəyi bir tərzdə söyləyir və bir olan Allahın qüdrətini, əzəmətini göstərirdi.

Nuh mübarizə və dəvətini dəlil-sübut gətirməklə, mübahisə yolu ilə davam etdirirdi. Nəticədə kiçik bir dəstə ona qoşulub dəvətini qəbul etdi və peyğəmbərliyini təsdiqlədi. Ancaq ürəyində tərslik və inadkarlıq hissləri bəsləyənlər yollarını azıb yaramazlıqlarını davam etdirirdilər. Onlar cah-cəlala aludə olub var-dövlət əsirliyində qaldılar. Nuha gülüb istehza ilə dedilər: "Məgər sən də bizim kimi bəşər deyilsən? Əgər Allah kimisə peyğəmbər göndərmək istəsəydi, mələklərdən seçərdi və biz də onun dəvətini qəbul edib sözünün eşidərdik". Sonra isə Nuha qoşulanlara işarə edib dedilər: "Bu alçaq və əlsiz-ayaqsız adamlar, dəyərsiz peşə sahibləri kimlərdir ki, sənin ardınca düşüb fikirləşmədən dəvətini qəbul ediblər? Belə adamların sənə iman gətirməsinin özü göstərdiyin yolun yanlışlığına şəksiz dəlildir. Çünki əgər sənin məntiqin düzgün olsaydı, bu alçaq təbəqə bizi qabaqlamazdı. İti ağıl, aydın dərrakə, saf və güclü fikir sahibi olan biz onlardan qabaq sənə iman gətirər, dəvətini qəbul edərdik".

Sonra onlar öz inadlarını yeridib boş-boş sözlərə əl ataraq dedilər: "Ey Nuh, biz səni və dostlarını heç də özümüzdən üstün saymırıq. Ağılda və uzaqgörənlikdə, məsləhət eşitməkdə və işlərin aqibətini bilməkdə sizdən də aşağı deyilik, əksinə sizi yalançı hesab edirik".

Tayfasının ədəbsiz məntiqi Nuhun dəmir iradəsinə təsir etmədi, fikrini dəyişdirmədi, əzmini qıra bilmədi. O, belə cavab verdi: "İddiamın düzgünlüyünün sübutu üçün Tanrı tərəfindən göndərilmiş açıq-aşkar dəlilim var. İlahi öz lütfü və mərhəmətini məndən əsirgəməyibdir. Ancaq siz əsl yolu, həqiqəti görə bilmədiyiniz üçün günəşi boynunuzun ardı, ulduzları isə əlinizlə örtmək istəyirsiniz. Belə olduğu halda mən sizi haqq yolu ilə getməyə, imana gəlməyə necə məcbur edə bilərəm!?"

Onlar dedilər: "Nuh, əgər bizim köməyimizi istəyirsənsə, bu alçaq və avaraları başından elə, çünki biz onlarla oturub-dura bilmərik. Etiqadda onlarla məsləkdaş olmaq bizə çətindir. Biz alçaq və şərəfli adamları eyni cərgədə oturdan, şahla dilənçini bir ağacla qovan bir dini necə qəbul edə bilərik?"

Nuh dedi: "Mənim dəvətim ümumi dəvətdir və İlahi nemətidir. Sadə və təkəbbürlü, şərif və yaramaz, güclü və zəif, varlı və yoxsul – hamısı Allah qarşısında birdir. Mümkün olmasa da, tutaq ki, mən sizi qəbul etdim. Bəs onda çağırışımı yaymaqda, peyğəmbərliyimi təsdiq etməkdə kimdən yardım diləyim, kimə arxalanım? Axı bu adamlar mənə iman gətirərək çağırışımı yayırlar. Mən onları özümdən necə uzaqlaşdırım? Mənə gülənləri, lağa qoyanları onlardan necə üstün tutum? Əgər onlar məni Tanrının ədalət məhkəməsinə çəkib həqiqəti tələb etsələr, iddiamın sübutunu sorsalar və desələr ki, ey Allah, Nuh bizi yaxşılıqlarımızın əvəzində yamanlıqla mükafatlandırdı, onda mən Yaradanımıza nə cavab verim? Onların qarşısında özümü müdafiə etmək üçün na dəlil gətirim?! Doğrudan da, siz cahil adamlarsınız!"

Nuhla tayfası arasında mübahisə və höcətləşmə uzun çəkdi və bu hadisədən onların qəmi artdı, meydanları daraldı. Onlar dedilər: "Ey Nuh, bizimlə çox mübahisə elədin. Əgər sözlərin düzdürsə, bizə qorxutduğun əzabı göstər".

Nuh dedi: "Siz həddindən artıq cahillik edir, axmaqlıqda inadkarlıq göstərirsiniz. Mən kiməm ki, sizə əzab gətirəm və ya onu sizdən uzaq edəm? Mən də bir bəşərəm və mənə vəhy göndərilib ki, sizin Allahınız birdir. Ona görə də mənə göndərilən tapşırığı sizə çatdırıram: "Gah sizə savab işdən müjdə verirəm, gah da əzabla qorxuduram. Hər şey Allahın ixtiyarındadır. Əgər O, istəsə sizə yol göstərər və ya bir anda əzab göndərər. İstəsə, sizə möhlət verər ki, çox günah işləyib ağır cəzaya layiq olasınız".


* * *

Allah-Taala peyğəmbərlərə öz vəzifələrini tam şəkildə yerinə yetirmələri üçün dözüm, güclü məntiq, sarsılmaz ümid və nikbinlik vermişdir ki, dikbaş adamlarla mübarizələrini uğurla başa çatdıra bilsinlər. Nuh elə peyğəmbərlərdən idi ki, doqquz yüz əlli il öz tayfasının içində qalıb onların əzablarına dözdü. İstehzalarını görməməzliyə vurdu ki, bəlkə bu müddətdə lovğalıq və dikbaşlıqdan əl çəkərlər. Ancaq axırda Nuhun ümidi qırıldı, nikbinlik üfüqü qaraldı, Tanrıya üz tutaraq tayfasından gileyləndi və Ondan yardım dilədi. Nuha vəhy gəldi: "Dəvətini qəbul etmiş bu dəstədən başqa, tayfadan heç kim sənə iman gətirməyəcək. Ona görə də onların əməllərinə görə nə qəm ye, nə də fikir et".

Nuh gördü ki, tayfası əzaba layiqdir, bu adamların ürəklərinə haqq yol tapmır, odur ki, onlara olan ümidini itirdi, səbir kasası doldu və ağzını qarğışla açaraq dedi: "Ya Rəbb, yer üzündə bir nəfər də kafir qoyma, çünki əgər onlar qalarsa, bəndələrini azdırarlar və dünyaya yalnız pozğun, əxlaqsız övladlar gətirərlər".

Allah-Taala Nuhun xahişini qəbul edib bu vəhyi göndərdi: "Bizim nəzərimiz altında, vəhyin buyruğu ilə gəmi düzəlt və zülmkarlar barədə bir daha mənimlə danışma, çünki onlar suda boğulmalıdırlar".

Nuh şəhərin uzaq yerinə getdi, taxta və mıx hazırlayıb gəmi düzəltməyə başladı. Adamlar yenə də onu dolayıb ələ salırdılar. Biri deyirdi: "Ey Nuh, bu günə qədər özünü peyğəmbər sayırdın, indi necə oldu ki, dülgərliyə başladın? Peyğəmbərlikdən bezdin, yoxsa dülgərliyə meyil saldın?" Bir başqası deyirdi: "Niyə gəmini dənizdən, çaydan uzaqda qayırırsan? Onu aparmaq üçün öküz kirayəyə götürmüsən, yoxsa küləyi öz əmrinə tabe etmisən?"

Tayfa yenə də öz istehza və rişxəndini davam etdirirdi. Nuh isə onların bu yersiz hərəkətlərini mülayim və etinasızlıqla qarşılayaraq dedi: "Siz indi məni ələ salsanız da, bir gün gələcək ki, mən sizi istehza ilə xatırlayacağam. Tezliklə biləcəksiniz ki, kimin başına dəhşətli əzab və əbədi işgəncə gəlir". Nuh bunları deyib öz işini başa çatdırdı və Tanrı buyruğunu gözlədi. Allah-Taala Nuha vəhy göndərdi ki, bizim fərmanımız çatacaq. Əzab əlaməti görünən kimi ailəni və sənə iman gətirmiş adamları gəmiyə mindir və özünlə hər canlıdan bir cüt götür ki, İlahi əmri yerinə yetsin.

Göydən yağış seli axmağa başladı və yerdəki çaylar, bulaqlar coşub-daşdı. Sel təpələri, yamacları ağzına aldı, düz-dünyanı bürüdü.

Nuh və köməkçiləri Allahın adını zikr edib gəmiyə mindilər. Su gəminin başından aşdı. Külək gah yavaş, gah da şiddətlə əsərək gəmini irəli aparırdı. Kükrəyən dalğalar, qorxunc burulğanlar kafirləri qoynuna alır və köpüklər onların cəsədləri üçün kəfən toxuyurdular. Boyun əyməyənlər ölümdən qurtarmaq üçün dalğalarla çarpışır və nəhayət öz günahlarının əvəzi kimi uğursuz ölümə urcah olurdular.

Nuh dənizə nəzər saldı. Bədbəxtliyə və dinsizliyə düçar olaraq ordan uzaqlaşmış öz oğlu Kənanı gördü. O, ölümlə dalğalarla çarpışır və ora-bura əl-qol atırdı. Kənan nəhayət özünü bir təpəyə çatdırıb uca bir dağın ətəyinə əl atdı. Ancaq amansız ölüm onu haqlamışdı. Atalıq hissi öz təsirini göstərdi və Nuhun oğluna yazığı gəldi. Ata yalvarışla oğlunu səslədi ki, bəlkə bu qorxunc anda onu imana gətirə bildi. Nuh qışqırdı: "Əziz oğlum, hara gedirsən? Hara qaçsan, tale girdabında, İlahi iradəsindəsən. Tanrıya iman gətir və gəmiyə min. Bizə qoşulub ölümdən qurtar. Bir az özünə gəl və inadkar kafirlərdən olma".

Kənan isə hələ də dinsizlik və inadkarlıq edərək atasının nəsihətini eşitmirdi. O güman edirdi ki, bəşərin zəif qolu taleyə qarşı dura bilər. O, yazıq Nuhun cavabında dedi: "Sənin gəminə mənim ehtiyacım yoxdur. Dağa pənah aparıb onun köməyilə xilas olacağam".

Nuh oğlunun dikbaşlıq və inad üzündən ölümün ağzında olduğunu görüb qışqırdı: "Bu gün İlahinin buyruğu və əzabı qarşısında heç bir xilaskar yoxdur və Tanrı rəhmindən başqa ortada bir çarə görünmür".

Nuhun sözləri hələ sona yetməmişdi ki, qorxunc dalğalar göyə qalxdı və onları ayırdı. Nuh qəlbindəki qəm və kədərin yanğısından Tanrıya yalvarışla dedi: "Ya Rəbb, Sən müsibət çəkənlərin xilaskarı, yazıqların dadına çatansan. O, mənim nəslimdəndir. Sən özün söz verdin ki, mənim nəslimi xilas edəcəksən. İndi buyruq Sənindir".

Allah-Taala bu vəhyi göndərdi: "Ey Nuh, şübhəsiz ki, o sənin əhlindən deyil. Onun peyğəmbərlik kökü yox olmuşdur, çünki o, öz dinsizlik və inadkarlığı üzündən səninlə əlaqəsini kəsmiş, peyğəmbərliyini təsdiq etməkdən, sənə iman gətirməkdən çəkinmişdir. Biz yalnız möminlərin nicatını öhdəmizə götürmüşük. Bu işdə qohumluq əlaqəsi təsirsizdir və onun ölüm şərbətini içməsi, əzab oduna düşməsi şəksizdir. Belə işlərə əl atmaqdan çəkin və mahiyyəti səndən gizlin şeylər barədə söz demə. Məsləhətim budur ki, cahillərin cərgəsinə keçməyəsən".

Nuh başa düşdü ki, rəhm və mərhəmət hissləri ona üstün gəlibdir. Az qala ayağını ədəb həddindən və ləyaqət sərhədindən qırağa qoyacaqdı. Nuh tez Allaha pənah gətirib Ondan bağışlanmasını diləyərək dedi: "Ya Rəbb, mən Sənə pənah gətirirəm. Bilmədiyimi səndən soruşmaq istəyirəm. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyankarlardan olacağam".

Bu anda dalğalar və burulğanlar Nuhun inadkar oğlunu öz qoynuna çəkib həlak etdi.

Elə ki, İlahi intiqamı sona yetdi və zülmkarların kitabı bağlandı, göylər Tanrı buyruğu ilə yağışını kəsdi və yer suları uddu. Gəmi Çudi dağında dayandı və İlahinin zülmkarları uzaqlaşdırmaq barədəki fərmanı yerinə yetirildi. Nuha əmr gəldi ki, köməkçiləri ilə birgə yerə ayaq basıb İlahinin nəzəri altında yeni xoşbəxt həyata başlasınlar.




HUD[7 - Qurani-Kərim, Hud surəsi, 51-60-cı ayələr.]


Ad qəbiləsi Yəmənlə Oman arasında, Əhqaf torpağında naz-nemət içində yaşayırdı. Allah-Taala onlara çoxlu var-dövlət, bol-bol su vermiş, torpaqlarını barlı-bərəkətli, bağlı-bağçalı etmişdi. Camaat özlərinə uca-uca binalar tikmişdir. Bədənləri sağlam və güclü idi, xəstəlik nə olduğunu bilmirdilər. Bir sözlə, həyatları xoşbəxtlik və səadət içində keçirdi. Ancaq onlar həyatın mənbəyi – bu nemətləri bəxş edən haqqında fikirləşmir, şükür və qədirbilənlik əvəzində bütləri özlərinə Allah sayaraq onların qarşısında üzlərini yerə sürtür və o cansız əşyalara tapınır, sitayiş edirdilər. Bolluq və bərəkət anlarında qəbilə bütlərə minnətdarlıq edir, sıxıntı və çətinlik çağlarında isə onlardan yardım diləyirdilər.

Bir müddət belə keçdi. Dinsizliyin, bütpərəstliyin qaranlıq günləri ötdükcə qəbilə adamlarının əxlaq pozğunluğunu, zövqsüzlüyü, daşürəkliyi artırdı. Zalımlar zəifləri və yazıqları sıxır, əzirdilər. İnsan təbəqələrinin yaşayış səviyyəsindəki fərq elə dözülməz bir həddə çatdı ki, Allah-Taala qoluzorlulara, varlılara yol göstərmək, zəiflərin, kasıbların qolundan tutmaq, insanları pozğunluqdan, yaramazlıqdan xilas etmək qərarına gəldi. Tanrı qəbilənin dilini bilənlərdən, adət-ənənələrinə bələd olanlardan birini seçib peyğəmbərliyə göndərdi ki, onları Allaha ibadətə çağırsın, bu işdə onlara rəhbərlik etsin və fitnə-fəsadın, pozğunluğun kökünü kəssin.

Hud, qəbilənin adlı-sanlı nəslindən idi, əxlaq və məzhəbdə, səbr və dözümdə ad çıxarmışdı. Buna görə də Allah-Taala qəbiləni pis yoldan döndərmək, əxlaqlarını tərbiyə etmək və dinə-imana gətirmək üçün Hudu peyğəmbər seçdi.

Hud qarşıdakı çətinliklərə hazırlaşaraq bu ağır vəzifəsinə başladı. O da başqa böyük dəvət sahibləri kimi özünü dağı yerindən qoparan bir qüvvə ilə, qatı cahilləri yerində oturdan səbir və dözümlə silahlandırıb bütləri inkar etməyə, qəbilənin baxışlarını pisləməyə girişdi.

Hud dedi: "Ay camaat, axı bu daşlar nədir ki, özünü yonur, sonra da onlara pərəstiş edir və ağır, müsibətli günlərinizdə pənah gətirirsiniz? Bunların nə faydası vardır? Bunlar sizə nə xeyir gətirə bilər? Məgər sizin bu rəftarınız öz ağlınıza hörmətsizlik və insanlığın yüksək mövqeyinə qarşı nanəciblik deyilmi?

Başa düşün ki, sizin yeganə Yaradanınız vardır. İbadət və pərəstişə yalnız o layiqdir. Odur sizi yaradan, sizə ruzi verən, həyat bəxş edən və onu geri alan, yer üzündə sizi yaşadan və yedirib-içirdən, sizə cismani-mənəvi güc verən və var-dövlət bəxş edən də Odur. Siz də gərək Tanrıya iman gətirib haqq yolu ilə gedəsiniz və Allah-Taala qarşısında tərslik və inadkarlıq göstərməyəsiniz, yoxsa Nuhun tayfasının başına gələn sizin də başınıza gələr".

Hud bu nəsihətli sözlərini sidq ürəklə dedi və ümid etdi ki, hikmətli öyüdləri, təmənnasız çağırışı adamların qəlbinə yol tapacaq və onlar imana gələcəklər. Lakin gözlədiyinin əksinə olaraq bozarmış sifətlər və qəzəbli baxışlarla rastlaşdı. Onlar Huda dedilər: "Bu nə sayıqlamadır? Sən nə cürətlə bizi bütlər əvəzinə bir Allaha pərəstiş etməyə çağırırsan?! Bu bütlərə ona görə tapınırıq ki, onlar bizi Allaha yaxınlaşdırsınlar və Tarından günahlarımızın bağışlanmasını diləsinlər".

Hud dedi: "Ay camaat, Allah birdir, iman, mərifət və pak ibadət Ondadır. O, sizdən uzaq deyil, əksinə, canınızdan da sizə yaxındır. Günahlarınızın bağışlanmasında vasitəçi saydığınız bu bütlər isə, əksinə, sizi Ona yaxınlaşdırmağa qoymur. Onlar sizin cahilliyinizin, yolazmanızın əlamətidir".

Onlar Hudun çağırışından üz döndərib dedilər: "Biz səni ata-babalarımızdan qalma adətimizi pislədiyin üçün axmaq və düşüncəsiz adamlardan sayırıq. Sən kimsən ki, bu cür sözlər deyirsən? Sənin nəyin bizdən artıqdır? Sən də bizim kimi çörək yeyir, su içirsən. Sən də bizim kimi eyni həyat qanunları ilə yaşayırsan. Belə olduğu halda, nəyə görə Allah məhz səni bizim aramızdan peyğəmbərliyə seçmiş və sənə belə bir mühüm vəzifə vermişdir? Sənin barəndə başqa fikrimiz yoxdur, amma qorxuruq ki, yalançı olasan".

Hud dedi: "Ay camaat, mənim ağılda, huşda heç bir eybim yoxdur. Uzun illərdir ki, sizin içinizdə yaşayıram və indiyə kimi məndən pis bir hərəkət, yaramazlıq görməmisiniz. Allah sizin aranızdan bir nəfəri öz sifarişini çatdırmaq üçün peyğəmbərliyə seçmişdir. Axı burda qəribə və təəccüblü nə var ki? Məgər Allah öz bəndələrini başsız, peyğəmbərsiz qoymalıydı? Həyatlarını hərc-mərcliyə, qanunsuzluğa tapşırmalıydı? Hər halda mən sizin iman gətirməyinizə görə ümidsiz deyiləm və sizin yaramaz, ədəbsiz rəftarınızdan acığım tutmur, incimirəm. Nə qədər ki, gec deyil, ağılla hərəkət edin, huşunuzu başınıza yığın, gözünüzü açın və hər şeydə, hər yerdə, bu qəribə yaradılışın təbiətində, göylərin, ulduzların eyni qayda üzrə hərəkətində Allahın bir olmasını dərk edin. Allaha iman gətirin, Ondan üzr diləyin ki, bəlkə sizə faydalı yağış yağdırsın, sərvətinizi, var-dövlətinizi artırsın, qüvvət və qüdrətinizi ikiqat etsin. Fikirləşin və günahkarlar kimi haqdan üz döndərməyin. Bunu da bilin ki, siz öləndən sonra özünüzün yaxşı və yaman əməlləriniz qarşısında mükafat və cəza alacaqsınız. Ona görə də öz halınızı və axirəti fikirləşin. Deyilməli nə vardısa hamısını sizə dedim və vəzifəmi yerinə yetirdim.

Qəbilə adamları dedilər: "Şübhə yoxdur ki, bizim allahlarımızdan birinin sənə acığı tutub, ağlını korlayıb, düşüncə və təfəkkürünü qarışdırıb. Ona görə də belə boş sözlər deyirsən və cəfəngiyat danışırsan. Yoxsa biz nəyə görə üzr diləməliyik, niyə Allahdan yağış yağdırmasını, var-dövlətimizi artırmasını istəməliyik?! Sənin dediklərindən belə çıxır ki, Qiyamət günü olacaq və həmin gün biz diriləcəyik, çürümüş sümüklərimiz, bir-birindən aralanmış bədən üzvlərimiz birləşəcək. Hanı, hardadır o gün?! Sənin vədlərin uzaqdadır və ağlabatan deyil. Həyat elə bu həyatdır ki, onun qanunlarına əsasən ömür sürürük və ölürük. Təbiətdən başqa heç nə bizi həlak edə bilməz. Bizi qorxutduğun o əzab nədir? Biz sənin sözlərini qəbul etmirik və allahlarımıza tapınmaqdan dönmürük. Sən də əgər düz deyirsənsə, o vəd etdiyin əzabı bizə göstər?!

Hud, qəbiləsinin inadkarlığını görüb dedi: "Allah şahiddir ki, mən vəzifəmin təbliğində, nəsihətimdə qüvvəmi əsirgəmədim və sizə yol göstərməkdə var qüvvəmlə çalışdım. Bu vəzifəmi, müqəddəs mübarizəmi axıradək davam etdirəcəyəm. Siz də mənə qarşı əlinizdən gələn hiyləni, təzyiqi işə salın. Mənim yeganə pənahım Tanrımdır – sizi və məni, bütün varlıqları yaradan, haqq yola çağıran bir Allahdır".

Hud işini davam etdirir, camaat da inadkarlığını artırırdı. Bir gün gördülər ki, göyün bir tərəfində qara bulud var. Camaat elə bildi ki, xeyirli yağış yağacaq, ona görə də öz əkinlərini suvarmaq fikrinə düşdü. Lakin Hud dedi: "Bu bulud bərəkət yağışı deyil, əksinə, əzab küləyi onu sizə tərəf qovur. Bu külək, gəlişi üçün tələsdiyiniz həmin o əzabdır. Bu adi külək deyil, özü ilə sizə dəhşətli əzab gətirən küləkdir".

Çox keçmədi ki, külək şiddətləndi və ev əşyalarını, əkin alətlərini, səhradakı heyvanları göyə qaldırıb uzaq-uzaq yerlərə apardı. Onlar bu dəhşətli mənzərəni görüb qorxuya düşdülər və vahimədən evlərinə qaçdılar. Qapını üzlərinə bərk-bərk bağlayıb güman etdilər ki, bu yolla küləyin əlindən, əzabın pəncəsindən qurtulacaqlar. Lakin bu qorxunc və dəhşətli bəla idi. Külək səhranın qumlarını şiddətlə göyə sovurmaqda idi. Səkkiz gün, səkkiz gecə davam edən qasırğa camaatın hamısını ağac kökləri kimi yerdən qoparıb həlak etdi. Tayfanın adından başqa bir əsər-əlamət qalmadı.

Hud ona inananları, məsləkdaşlarını öz ətrafına topladı. Onlar bu qorxunc tufandan salamat çıxdılar və qasırğa yatdıqdan sonra Həzrəmaut tərəfə yola düşüb orada ömür sürdülər.




SALEH[8 - Qurani-Kərim, Hud surəsi, 62-69-cu ayələr.]


Ad qəbiləsi öz günahları üzündən həlak oldu. Allah-Taala onların torpağını və evlərini Səmud qəbiləsinə bəxş etdi.

Səmud qəbiləsi o torpaqlara su çəkib, bağ-bağat əkib oranı abad etdi. Orada saraylar ucaltdılar, dağı yonub yerində ev tikdilər. Qəbilənin həyatı naz-nemət və var-dövlət içində keçirdi. Ancaq belə xoş həyat onlar üçün Tanrıya şükür etmək əvəzinə, gündən-günə cızıqlarından çıxır, lovğalanırdılar. Qəbilə, bütləri Allahın şəriki sayır və Tanrı əvəzinə onlara tapınırdı. Onlar İlahi qanunlarından üz döndərir, bu cür pozğun əxlaqla, törətdikləri fitnə-fəsadla əbədi olaraq naz-nemət içində yaşayacaqlarını güman edirdilər.

Tanrı, camaatı İlahi ibadətinə və Allahın birliyinə inandırmaq üçün adlı-sanlı nəsildən çıxmış Salehi o qəbiləyə göndərdi. Saleh onlara dedi: "Allah birdir. O, sizi torpaqdan yaratmışdır. Allah-Taala torpağı öz gücü ilə abad etmiş, sizi Ad qəbiləsinin yerində oturtmuşdur. Bu qədər neməti də sizə O bəxş etmişdir". Saleh camaata bütlərə tapınmağı qadağan edərək dedi: "Bu bütlər heç bir xeyir, zərər yetirməyə qadir deyillər və İlahi iradəsi qarşısında heç nə edə bilməzlər".

Saleh qəbilə ilə qohumluğunu bildirərək dedi: "Sizin hamınız mənim nəslimdənsiniz. Ona görə də mən sizin xeyrinizi istəyirəm və sizin barənizdə pis bir niyyətim yoxdur". Sonra o, qəbiləni Allahdan üzr diləməyə, günahlarına görə onun qarşısında tövbə etməyə çağırdı. Saleh dedi ki, Allah tövbə edənlərə yaxındır və onların dualarını, tövbələrini qəbul edir.

Saleh mehribanlıq və xoşluqla qəbiləsini Allaha inanmağa çağırırdı. Lakin Səmud qəbiləsi dikbaşlıq və yersiz məğrurluq edərək onun nəsihətini eşitmədi, Salehin peyğəmbərliyini də qəbul etmədi. Onlar Salehin çağırışını ələ salaraq dedilər: "Bu dəvət həqiqətdən uzaqdır və düzgün deyil". Sonra isə onu danlamağa başlayaraq çağırışının ağlasığmaz və boş şey olduğunu bildirib dedilər: "Bu günə kimi sənin sifətində xeyir-bərəkət əlaməti var idi. Biz sənə ümid gözü ilə baxaraq güman edirdik ki, qaranlıq gecələrimizdə bir çətinlik üz versə, ağlının nurundan işıq dilərik və neçə-neçə açılmamış düyünümüzü sənin köməyinlə açarıq. Lakin əfsus ki, arzularımız gül açmadı. Sən düzgün yol seçməyib sayıqlamağa başladın. Bu nə etiqaddır ki, bizi ona çağırırsan? Ata-babalarımızın allahlarına tapınmağı bizə qadağan edirsən. Axı biz onlara inamla böyümüşük! Biz sənin çağırışına, sözlərinin düzgünlüyünə inanmırıq və böyüklərimizin yolundan dönməyəcəyik".

Saleh ona peyğəmbərlik verildiyini bildirərək camaata Tanrı nemətlərini xatırlayıb onları İlahi qəzəbi və intiqamı ilə qorxutdu.

O, camaatın bütün şübhələrini dağıtmaq üçün dedi: "Mən bu çağırışımdan bir xeyir güdmürəm və heç bir vəzifədə gözüm yoxdur. Peyğəmbərliyimi də heç bir muzd xatirinə yerinə yetirmirəm, muzdumu bütün yer üzünün Allahından alıram". Qəbilədən bir neçə ağıllı adam ona qoşulub dəvətini qəbul etdi. Lakin başqa qəbilə başçıları öz inadlarından dönməyib israrla dedilər: "Ey Saleh, sən fikrinin tarazlığını, ağlının nizamını itirmisən. Şübhəsiz ki, ya pis ruhlar sənə üstün gəlib, ya da bir sehrə düşmüsən ki, belə düşünülməmiş sözlər deyirsən. Sən özün də bizim kimi bir adamsan. Nə dədən-baban bizdən artıqdır, nə də ləyaqətin bizdən üstündür. Bizim aramızda elələri vardır ki, peyğəmbərliyə səndən daha layiqdir. Səni bu yola gətirən yalnız şöhrətpərəstliyin və vəzifəpərəstliyindir". Onlar bu məntiqsiz sözlərilə Salehi öz dinindən və dəvətindən döndərmək istəyirdilər. Axırda camaat Salehə qoşulanlara dedi: "Əgər Salehin ardınca getsəniz, düz yoldan çıxacaqsınız".

Saleh onların böhtanlarına, cəfəng sözlərinə əhəmiyyət verməyib dedi: "Ay camaat, axı mənim Allah tərəfindən verilmiş açıq-aşkar dəlillərim var. Əgər öz Tanrıma qarşı çıxaraq sizin etiqadınıza qoşulsam, onda məni kim əzabdan qurtarar?"

Zalımlar və dikbaşlar Salehin öz inam və etiqadına belə möhkəm və dönməz olduğunu görüb qorxdular ki, qəbilə üzvlərinin çoxu onlardan üz döndərib Salehə qoşular və onların xoşbəxt dövranları gedər, bəxt ulduzları sönər. Odur ki, fikirləşib Salehin zəifliyini sübut etmək istədilər. Bunun üçün Salehdən sözlərinin düzgünlüyünə sübut olaraq bir möcüzə göstərməsini tələb etdilər.

Salehin bir dəvəsi var idi O dedi: "Mənim mübahisəmin gerçəkliyinə sübut bu dəvədir. O bir gün su içir, ikinci günsə suvata getmir. İnanmırsınızsa, onu öz başına buraxın və dediklərimə şahid olun".

Saleh bu sözləri deyəndə onu da nəzərə alırdı ki, düşmənləri onun sübutunun aşkar olunmasından nəinki peşman olub qorxacaqlar, əksinə, bu dəlillərdən sonra kin və ədavətlərini daha da artıracaqlar. Ona görə də qorxdu ki, düşmənləri birdən onun dəvəsini öldürmək fikrinə düşərlər. Saleh onları bu niyyətdən çəkindirmək üçün dedi: "Olmaya-olmaya o dəvəyə əl vurasınız. Əgər belə bir iş tutsanız, tezliklə sizə böyük bir əzab yetər".

Salehin dəvəsi bir müddət otlaqda otlayır, bir gün suvata gedir, o biri gününü isə başqa dəvələrlə birgə keçirdirdi. Dəvənin bu qəribə adətini biləndən sonra qəbilə üzvlərinin çoxunun Salehə diqqəti artdı. Onlar Salehin peyğəmbərliyinin gerçəkliyinə və çağırışlarının həqiqiliyinə inandılar. Bu hadisə qəbilə başçılarını və dikbaşları dəhşətə saldı. Onlar öz vəzifələrinin və var-dövlətlərinin əllərindən çıxacaqlarından təşvişə düşdülər. Ona görə də ürəyinin dərinliyinə iman nuru hopmuş kasıblara – Salehə inanmış qəbilə üzvlərinə dedilər: "Siz Doğrudanmı Salehi Tanrı tərəfindən göndərilmiş peyğəmbər sanırsınız?" Dedilər: "Bəli, biz onun peyğəmbərliyinə inanır və sizin iman gətirdiyiniz bütlərdən üz döndəririk".

Salehin nəhəng dəvəsinin qorxunc görünüşü var idi. O bir gün qəbilənin heyvanlarını qorxudub dəvələrini ürkütdü. Başqa dəvələri su içməyə qoymadığı üçün qəbilə başçıları Salehin xəbərdarlığına, hədə-qorxusuna baxmayaraq, onun dəvəsini öldürmək qərarına gəldilər. Ancaq sonra əzaba düşəcəklərindən qorxub onu öldürməkdə tərəddüd etdilər. Beləcə bir müddət tərəddüd içində yaşadılar.

Qəbilə başçıları məqsədlərinə çatmaq üçün hiylə işlədib naz-qəmzəli, işvəli qadınlara əl atdılar. Aydındır ki, gözəl qadın nə xahiş etsə, kişilər onların arzularını yerinə yetirmək üçün canlarından da keçərlər.

Bir baxış üçün ürəkləri gedən bu dəli-divanə aşiqlər qəribə və heyrətli mənzərənin şahidi oldular. Məsdə bin Məhrəc gördü ki, gözəl məşuqəsi Səduq Mühəyya qızı yumşalıb özü ona yaxınlıq edir. Qədr bin Salif də belə bir gözlənilməz hadisənin şahidi oldu: Ənizə Qənim qızı onu öz evinə dəvət etdi və ayüzlü qızlarından birini başlıq almadan ona nişanladı. Bu gözəl gəlinlərin öz sevdiklərindən bircə xahişi var idi: Onları bərk narahat edən, başqa dəvələri suya yaxın qoymayan, qəbilənin heyvanlarını qorxudan Salehin dəvəsini öldürmək.

Cavan aşiqlərin ürəklərindəki eşq alovu qüvvələrini, güclərini ikiqat etdi, cürət və cəsarətlərini artırdı və beləliklə, aşiqlər sevgililərinin istəyini yerinə yetirməyə hazırlıq görməyə başladılar. Qəbilənin yeddi nəfər başqa cavanı da onlara qoşuldu. Onlar sözləşib Salehin dəvəsinin qəsdinə durdular. Dəvə suvatdan qayıdanda pusquda duran Məsdə oxunu onun buduna tuşladı. Ox dəvənin sümüyünü sındırdı. Bu anda Qədr bin Salif qılıncını siyirib dəvəyə tərəf cumdu və onun aşıqlığına güclü bir zərbə endirdi. Dəvə diz çöküb yerə yıxıldı. Qədr nizəsini dəvənin sinəsinə soxub onu öldürdü.

Beləliklə, onlar Salehin dəvəsini öldürüb İlahi əmrindən üz döndərərək dedilər: "Ey Saleh, əgər sözlərin düzdürsə peyğəmbərsənsə, vəd etdiyin əzabı bizə göndər".

Saleh dedi: "Mən sizi o dəvəni incitməkdən çəkindirdim, lakin siz əlinizi günaha batırdınız. İndi isə üç gün ərzində sizə yetəcək əzabı gözləyin. Üç gündən sonra siz onun pəncəsinə keçərsiniz".

Saleh bu üç günlük möhlətini bəlkə də ona görə təyin etdi ki, qəbilə başçıları özlərinə gəlsin və əməllərinə görə tövbə edib Allahdan üzr istəsinlər. Ancaq onların ürəklərində qəflət və inadkarlıq elə dərin kök salmışdı ki, İlahi qorxusu təsirsiz oldu. Onlar Salehin sözlərini yalan və sayıqlama sayıb istehza ilə dedilər: "Əzabını tez göndər". Saleh dedi: "Ay camaat, öz bədbəxtliyinizə niyə tələsirsiniz? Niyə Allaha yalvarıb Ondan sizə mərhəmət göstərməsini xahiş etmirsiniz?"

Qəbilə başçıları yoldan azmış, şər qüvvələrə təslim olmuşdular. Onlar tövbə etmək əvəzinə Salehə dedilər: "Biz sənə və tərəfdarlarına uğursuz fal açmışıq, görün indi başınıza nə gələcək?!" Onlardan bir neçəsi bir yerə toplaşıb and içdi ki, gecə qaranlığı düşəcək Salehə və tərəfdarlarına hücum edib qanlarını tökəcək. Qəbilə başçıları sözü bir yerə qoydular ki, bu məsələni gizli saxlayıb heç kimə danışmasınlar.

Bu ağılsızlar güman edirdilər ki, Salehi öldürməklə canlarını əzabdan və qaçılmaz İlahi yazısından qurtaracaqlar. Ancaq Allah onlara möhlət verməyib hiylələrini alt-üst etdi, ədavət və hirslərini öz başlarında çatlatdı. Allah-Taala Salehi və ona qoşulanları qəbilə başçılarının bu qəsdindən xilas etdi. O kafirləri isə verdiyi vəd və öz peyğəmbərinin qələbəsi xatirinə əzab pəncəsinə tapşırdı. İldırım o zalımlardan qisas aldı, onları elə evlərində cansız cismə döndərdi. Daşdan tikdirdikləri uca qəsrlər belə o dikbaşları İlahi qəzəbindən xilas edə bilmədi.

Saleh o cansız bədənləri, sahibsiz görüb qəmgin və üzülmüş halda oradan üz döndərdi, başqa bir diyara yola düşdü.




İBRAHİM VƏ ÖLÜLƏRİN DİRİLMƏSİNİN ƏLAMƏTİ[9 - Qurani-Kərim, Bəqərə surəsi, 262-ci ayə.]


Babil camaatı bol nemət içində yaşayırdı. Ancaq onların günləri xoş keçsə də, yollarını azmışdılar. Adamlar öz əlləri ilə düzəltdikləri bütləri allah sayır, onlara pərəstiş və səcdə edirdilər.

Nəmrud bin Kənan Kuş Babil şəhərində hakimiyyəti ələ alaraq özbaşınalıqla camaata hökmranlıq edirdi. Geniş səlahiyyətinə, saysız var-dövlətinə, tükənməz qüdrətinə arxalanan Nəmrud camaatın olduqca cahil və ağılsız olduğunu görüb özünü allah adlandırdı və onları özünə pərəstiş etməyə çağırdı. O, açıq-aşkar görürdü ki, cəhalət hər yeri bürümüş və insanlar yollarından azaraq pozğunluğu özlərinə peşə etmişlər. Nəmrud öz-özünə fikirləşdi: "Bir halda ki, bu adamlar dilsiz-ağızsız qara daşlara, xeyrə-şərə yaramayan gərəksiz bütlərə pərəstiş edirlər, bəs mən niyə allahlığa və sitayişə layiq olmayım? Mənim ki, danışmaq və fikirləşmək bacarığım, ağlım, şüurum var! Vücudum onlar üçün xeyir mənbəyidir. Zərərlərini dəf edirəm, ehtiyaclarını ödəməyə, əzizlərini xar etməyə qadirəm. Onların hamısı üzərində hakimiyyət və qüdrətim var. Deməli, allahlığa və pərəstişə də mən daha layiqəm".

Babil ölkəsi özünün belə bir pozğun və düşkün dövrünü yaşarkən İbrahim dünyaya göz açdı. Allah-Taala ona haqq yolunu göstərdi. İbrahim iti düşüncəsi, güclü dərrakəsi və İlahi vəhyini nuru ilə anladı ki, Allah birdir və O, bütün dünyaya hakimdir. İnsanların yonub düzəltdiyi, sonra isə pərəstiş etdiyi bütlər və heykəllər isə İlahi iradəsinin qarşısında aciz və əhəmiyyətsiz şeylərdir. O qərara gəldi ki, öz tayfasını Allahın birliyinə inanmağa çağırıb onları bütpərəstlik uçurumundan xilas etsin.

İbrahimin qəlbi Tanrıya inamla, Yaradanın gücünə tam inamla dolu idi. O ürəkdən inanırdı ki, insanlar öləndən sonra yenidən dirilir və başqa bir aləmdə öz əməlləri üçün cavab verirlər. Lakin eyni zamanda o istəyirdi ki, bir çox həqiqətlərin mahiyyətini yaxşıca anlasın, ölülərin dirilməsini öz gözləri ilə görsün və hər şeyi aydın şəkildə dərk etsin. Odur ki, İbrahim öz Tanrısından xahiş edib bildirdi ki, ölülərin necə dirilməsini görmək istəyir. Allah-Taala ona buyurdu: "Məgər imana gəlməmisən?" İbrahim dedi: "Əsla! Mənə vəhy göndərdiyin andan imana gəlmiş və Səni tanımışam. Ancaq qəlbimdə dalğınlıq var. İnamımı daha da artırmaq istəyirəm".

İbrahimin məqsədi xatircəm olmaq və özündə yəqinlik hasil etmək idi. Odur ki, Allah-Taala onun duasını qəbul edib buyurdu: "Dörd quş tutub onları tikə-tikə doğra və bir-birinə qarışdır. Sonra həmin tikələri dörd yerə bölüb hər birini bir dağın başına qoy və quşları yanına çağır. Quşlar dirilib yanına uçacaqlar".

İbrahim İlahinin əmrini yerinə yetirdi. Quşların bədən üzvlərinin hər biri qaydasınca bir-birinə bitişdi və doğranmış hissələrinin hamısı öz yerini tutdu. Tezliklə quşlar İlahi qüdrətilə dirilib İbrahimin yanına uçdular. İbrahim yeri və göyü idarə edən Qadir Allahın bu qüdrətinə heyrətlə tamaşa etdi.

Bunlar həmin quşlar idilər: "Başı bədənindən üzülmüş, cəsədi tikə-tikə doğranmış quşlar. İndi isə budur, tikə-tikə doğranmış cəsədlər yenidən öz bütöv halına düşmüş və həyat nəfəsi ilə hərəkətə gəlmişdir. Doğrudan da, bu heyrətli mənzərəni görən kəs ölülərin dirilməsinin gerçəkliyinə, İlahi qüdrətinə şəkk-şübhə edə bilməzdi. Bu hadisə Allah-Taalanın qüdrətini göstərir və Onun hər şeyə qadir olduğunu sübut edir.




İBRAHİM ƏDƏB-ƏRKANLA AZƏRİ TƏKALLAHLIĞA DƏVƏT EDİR[10 - Qurani-Kərim, Məryəm surəsi, 41-48-ci ayələr.]



İbrahim öz tayfasını Allaha inanmağa çağırır və bu dəvətini bütləri pisləməklə başlayır.

Azər, İbrahimin ana tərəfdən babasıdır. O, adi bütpərəst deyil, həm də məşhur bütoynadan və büt satanlardan biri idi. Anası öləndən sonra İbrahimin ən yaxın adamı və məsləhətçisi Azər olmuşdu. Ona görə də hamıdan tez o, düzgün yola – Allahın birliyinə inanmağa dəvət olunmalıydı. Azərin özü büt düzəldənlər və bütpərəstlər arasında nüfuz sahibi olduğu üçün bu yolu qəbul etməsi pozğunluğun və azğınlığın kökünün kəsilməsində mühüm addım ola bilərdi.

İbrahim Azərə təkallahlığın təbliğini bütləri pisləməklə, taxta allahları təhqir etməklə başlamadı ki, birdən onun xətrinə dəyər və dəvətindən inciyər, dəlillərini eşitmək belə istəməz. Əksinə o, Azərlə çox yumşaq tərzdə, mülayimliklə və ədəblə söhbətə başladı. Əvvəlcə Azərə öz peyğəmbərliyindən danışdı ki, onu günah yolundan çəkindirib özünə cəlb etsin. Sonra bütpərəstliyin puç olduğunu göstərərək dedi: "Sən duanı və şükrünü eşitməyən, itaətini görməyən, bəladan qurtarmayan, nemət bağışlaya bilməyən bütlərin qarşısında necə diz çöküb sitayiş edirsən?"

Bir yandan İbrahim qorxurdu ki, Azər onu kiçik bilib təklifini dəyərsiz və əhəmiyyətsiz sayar. Buna görə də onu qabaqlamaq niyyətilə dedi: "Mən elm və mərifətdən faydalandığım halda, sən ondan kənarda qalmısan. Ona görə də təklifimdən boyun qaçırma, dəvətimi qəbul edib düzgün yola qədəm qoy".

Azərin nəzərinə bütləri boş və mənasız bir şeyə çevirmək və onlara nifrət yaratmaq üçün İbrahim əlavə etdi: "Bu adətin davamı əslində şeytana tabe olmaq və ona tapınmaqdır. Şeytan isə həmin əski düşməndir ki, Allaha tabe olmadı və insanları yoldan çıxarmaqla hədələdi. Aydındır ki, belə bir düşmən əsla xeyir işlərə rəhbərlik etməz və bəşərə şərdən, fəlakətdən başqa heç nə istəməz".

İbrahim Azəri küfrün pis aqibəti ilə qorxudub bütpərəstlikdən çəkindirmək üçün çox çalışdı. Hətta mərhəmətini qazanmaq üçün ona ata deyə müraciət etdi: "Ey ata, mən ondan qorxuram ki, İlahi əzabına düçar olasan və şeytanın dostları, yaxınları cərgəsində qərar tutasan".

Azər Allaha itaətsizliyindən və bütpərəstliyindən dönüb İbrahimin dəvətini qəbul etmədi. O, İbrahimə qarşı kobudluq etdi, onun ədəb-ərkanlı rəftarına təhqir və hədə ilə cavab verdi: "Sən mənim allahlarımdan üz döndərirsən, səni daşqalaq edəcəyəm. Mənim qəzəbimdən qorx, kin və intiqam alovumu qızışdırma. Get, bir də gözlərimə görünmə!"

İbrahim Azərin hədə-qorxularını təmkinlə və sakitcə qarşıladı. Tam mülayimliklə və yumşaqlıqla ədəb-ərkan qaydalarını gözləyərək dedi: "Mən öz Tanrımdan sənin üçün rəhmət diləyəcəm, çünki O, məni çox əziz tutur. İndi isə sizdən və allah deyib pərəstiş etdiyinizdən uzaqlaşıb öz Tanrıma ibadət edəcəyəm".

İbrahim artıq Azəri yola gətirə bilməyəcəyini başa düşüb pərişan olmuşdu. Bütpərəstliyə nifrətim bildirmək üçün kədərli halda onunla vidalaşıb öz kafir tayfasından uzaqlaşdı.




İBRAHİM BÜTLƏRİ SINDIRIR[11 - Qurani-Kərim, Ənbiya surəsi, 57-68-ci ayələr.]


İbrahim Azərin onu eşitmədiyini görüb ümidsiz olmuşdu. Xeyirxahlığının kobudluqla qarşılanması, haqq yoluna dəvətinin rədd edilməsi ona ağır gəlmişdi. Lakin bu xoşagəlməz hadisə onu haqqa dəvət yolundan döndərmədi və bütpərəstlər tayfası ilə mübarizəsini zəiflətmədi, əksinə, güclü iradəsi ağır zindan altındakı dəmir kimi daha da möhkəmləndi. O, qərara gəldi ki, tayfasının pozğun əqidəsinə qarşı amansız mübarizəyə girsin. Bu yolda məşəqqətlərlə və əzablarla üzləşməkdən çəkinməsin.

Düşmənləri qarşısında İbrahimin üstünlüklərindən biri güclü məntiqi və sarsılmaz dəlilləri idi. O, söhbətlərini güclü əsaslar üzərində qurur, müxtəlif istiqamətlərdən təlqin elədiyi mətləbin üstünə gəlir, mübahisələrini öz sözləri ilə tuta bilir və onları qaçılmaz həqiqətlər qarşısında qoyaraq tərk-silah etməyi bacarırdı.

Aşağıdakı misallarda görəcəksiniz ki, İbrahim necə asanlıqla və aydın bir dillə söhbət aparır, suallara necə dolğun və ətraflı cavab verir və öz fikirlərini əsaslandıra bilirdi.

İbrahim tayfasından soruşdu: "Sizin ibadət etdiyiniz nədir? Siz nəyə pərəstiş edirsiniz". Onlar öz bütləri haqqında danışmağa başlayıb İbrahimin sualına cavab olaraq bildirdilər ki, bütlərə sitayiş və itaət bizim üçün fəxrdir. "Biz bütlərə itaət edirik və onların önündə zahidik". İbrahim xəstəliyin kökünü axtaran həkim kimi, müttəhimi öz sözləri ilə günahını boynuna qoyan qazı kimi bütpərəstliyin puç və mənasız olduğunu onların öz dilindən eşitmək məqsədilə dedi: "Görən bu bütlər sizin dua və istəklərinizi, sitayiş və təriflərinizi eşidirlərmi? İtaət və ibadətinizi görürlərmi? Sizə xeyir verməyə, zərərinizi dəf etməyə qüdrətləri çatırmı?"

Tayfa adamları kafir və cahil atalarını, müəllimlərini kor-koranə təqlid edərək zəif və əsassız məntiqlə dedilər: "Biz onlara ona görə pərəstiş edirik ki, ata-babalarımız onlara itaət etmişlər".

Onlar təsdiq edirlər ki, bütlər eşitmir və heç bir xeyir-şər sahibi deyillər, lakin ata-baba yolu ilə getməyi, onları təqlid etməyi özləri üçün əsas götürmüşlər. Tayfa öz əqidəsinin qədimliyini onun gerçəkliyi üçün dəlil gətirərək özünü düzgün dünyagörüşün sahibi, sağlam fikrin aydınlığından məhrum etdilər.

İbrahim dedi: "Aydındır ki, siz də, atanız da açıq-aşkar yanılma içində yaşamısınız".

Onlar İbrahimin güclü dəlillərinin qarşısında duruş gətirə bilməyəcəklərini başa düşüb hay-küy salmağa başladılar. "Ey İbrahim, sənin nə cürətin var ki, bizim allahlarımızın şan-şöhrətini alçaldırsan? Sən bizim bütləri Doğrudanmı pisləyirsən, yoxsa zarafat edirsən?"

İbrahim dedi: "Mən ciddi danışıram, çünki din gətirmişəm və sizi düz yola çağırıram. Külli-kainatda səcdəyə layiq bircə varlıq var: O da göyləri və yeri yaradan, onları idarə eləyən Allahdır. Bu bütlərin heç özlərinə də bir xeyri-zərəri yoxdur. Onlar bir qədər daşdan və yonulmuş taxtalardan artıq bir şey deyillər. Ona görə də gərək onlara pərəstiş və itaətdən əl çəkəsiniz. Şeytanın fitnəsini və azdırmasını düşünün, dünyaya ağlın gözü ilə baxın ki, bəlkə düz yol tapasınız. Bu güclü dəlillərdən başqa nəzərə alın ki, mən sizdən öncə də bütlərdən uzaqlaşıb onlara pərəstişdən əl çəkmişəm. Əgər onlar zərər yetirməyi bacarsaydılar, mənə ziyan vermiş olardılar".

Sonra İbrahim İlahinin müstəsna yaradıcı gücündən və sonsuz qüdrətindən söz açdı ki, bəlkə onlar Allah-Taalanın hikmət və qüdrəti haqqında düşünələr, Allahın birliyinə olan inamla əsassız bütpərəstlik arasındakı fərqi dərk edələr. Bu məqsədlə dedi: "Dünya əhlinin Allahı o kəsdir ki, məni yaratmışdır. O mənə yol göstərir, ruzi verir. Xəstələnəndə şəfa bəxş edir. Məni öldürür və sonra dirildir. Və ümidvaram ki, cəza günündə məni bağışlayan O olacaq".

İbrahimin güclü dəlilləri tayfası üçün təsirsiz oldu, onun dəvətini qəbul etmədilər. İbrahim gördü ki, onların qulaqları var, könülləri haqqın üzünə bağlıdır və eləcə öz qorxularının ətəyindən asılı qalaraq bütlərə pərəstişdə inad edirlər. Ona görə də bütlərin qəsdinə durmağa and içdi. Nəyin bahasına olur-olsun, tayfasına açıq-aşkar başa salmaq istədi ki, onlar bir xeyir verməyə, zərər vurmağa, ya bir dərdi sağaltmağa qadir deyillər və onlara bütlərə ibadətdən bir xeyir gəlmədiyi kimi, bu adəti tərk etməkdən də bir zərər yetməyəcək.

İbrahimin tayfasının belə bir adəti var idi: onlar hər il bayram günlərini şəhərdən kənarda keçirirdilər. Şəhərdən çıxmazdan qabaq yemək hazırlar və məbədə qoyardılar ki, qayıdandan sonra da ləzzətlə yesinlər. Onların inamına görə, allahları bu müddətdə o yeməklərə bərəkət verirlər. Camaat şəhərdən çıxmaq istərkən İbrahimdən xahiş etdi ki, onlarla getsin. Lakin İbrahim onların dəvətini qəbul etmədi, çünki bütləri dağıtmaq qərarına gəlmişdi. O, özünü xəstəliyə vurdu, əslində heç bir xəstəliyi yox idi. Ancaq çox əzgin və qəmli idi, ürəyi sıxılırdı. Tayfasının yoldan azması İbrahimə bərk təsir etmişdi.

Adamlar İbrahimin xəstəliyinin onlara keçməsindən qorxaraq onu şəhərdə təkcə qoyub şad və sevincək şəhərdən çıxdılar.

Budur, şəhər bomboşdur, məbəd sakit və kimsəsiz, səs-səmirsizdir! Hətta məbədin xidmətçiləri də şəhərdən getmişlər!

İbrahim şəhəri xəlvət, düşmənləri xəbərsiz görüb bu fürsətdən istifadə etdi. O, yavaş-yavaş gedib məbədə daxil oldu. Məbədə və ordakı bütlərə uzaqdan tamaşa etdi. Onların qabağına qoyulmuş yeməkləri gördü. Rişxənd və istehza ilə bütlərə salam verib dedi: "Yemək yemirsiniz?"

Sonra onların həmişəki kimi sükutunu görüb bir daha istehza ilə dilləndi: "Niyə danışmırsınız?"

Aydındır ki, cansız daşların və taxtaların anlama, dərketmə və danışma qüdrəti yox idi.

İbrahim bütlərin bir hissəsini əlilə, bir hissəsini isə ayağı ilə yerə saldı. Qəzəb və intiqam şöləsi ürəyində baş qaldırdı. Baltaya əl atıb bütlərə cumdu. Bütlərin əl və ayaqları İbrahimin zərbələrindən onun ayaqları altına düşürdü. Daş və taxta parçalarından məbəddə təpə yarandı.

Bütlərin hamısı baltanın zərbələrindən Allahın birliyinə inanan qəhrəmanın qollarının gücündən xurd-xəşil oldular. Bu macəradan salamat çıxan təkcə böyük büt idi. İbrahim böyük bütü saxlamışdı ki, özünün güclü və danılmaz dəlillərini onun vasitəsilə sübuta yetirsin. Tayfa üzvləri bayram mərasimini başa vurub şəhərə qayıdacaq və ondan soruşacaqdılar ki, onların məbədini kim təhqir edib, bütlərini kim dağıdıbdır? Onda İbrahim böyük bütü göstərərək və nəhayət, onları boyunlarına almağa məcbur edəcəkdi ki, bütlər danışmır, onların ağıl və iradələri yoxdur, xeyir-şərə qadir deyillər. Bu aşkar etirafdan sonra bəlkə onlar özlərinə gələlər və azdıqları yoldan dönərlər.

İbrahim sınıq bütləri bir yerə yığıb sevincək halda məbəddən çıxdı. O, pozğunluğun köklərini kəsdiyinə, bütpərəstliyin əlamətlərini məhv etdiyinə görə sevinsə də, ancaq fikirləşirdi ki, görəsən bu böyük hadisəni tayfası necə qarşılayacaq. Ona görə də özünü gələcək hadisələrlə qarşılaşmağa hazır edirdi.

Tayfa adamları şəhərə qayıtdılar və bütləri parça-parça edilmiş gördülər. O mənzərənin vahiməsi elə güclü idi ki, bir müddət onları şaşqın etdi. Sonra elə ki, özlərinə gəlib əsəblərini cilovladılar, bu ağır işi törədəni axtarmağa başladılar. Onlar dedilər: "Bizim allahların başına kim bu oyunu açıbdır? Şübhəsiz ki, o, zülmkar adamlardandır!"

Bu arada onlardan biri dedi: "Bütlərin adını İbrahim tez-tez çəkirdi. O, bizi bütlərə pərəstişə görə danlayırdı, onları təhqir edirdi. Belə çıxır ki, bu işə o cürət edib, onun işdir".

Bu yolla onlar bütləri sındıranı tapıb onu günahına uyğun bir cəzaya çatdırmağı qərara aldılar.

Onların qəlbində qəzəb odu şölələndi. Qışqıra-qışqıra tələb etdilər ki, İbrahim mühakimə olunsun və ona cəza verilsin.

Ölkədəki tayfaların hamısının bir yerə toplanması İbrahimin illərlə həsrətində yaşadığı arzularından idi. Bütün tayfaların, hamının qarşısında o, öz dəlillərilə onların əqidələrini yalana çıxarmaq istəyirdi.

İbrahimin bu işi ildırım sürətilə bütün məclis və yığıncaqlara, hər tərəfə yayıldı və camaat dəstə-dəstə İbrahimin mühakiməsinə və cəzasına baxmağa yığılıb gəldi. Onlar bu işgəncə və əzabın tamaşası ilə ürəklərindəki qəzəb atəşini söndürmək istəyirdilər.

Qazılar İbrahimi qəzəblənmiş camaat qarşısına gətirdilər. Açıq məhkəmə başlandı.

Qazılar dedilər: "Ey İbrahim, bütlərin başına bu oyunu sən açmısan?"

İndi mətləbini demək üçün İbrahimə fürsət düşmüşdü və o gərək bu fürsətdən tam istifadə edib çoxdankı arzusuna çatsın. Buna görə də o, qəlbinin gücü və məntiqinin qüdrəti ilə camaatın güman etdiyinin, gözlədiyinin tam əksinə, məhkəmənin səmtini dəyişdirib, öz əməlini boynuna almaq əvəzinə dedi: "Bəlkə bütlərin böyüyü bu işi onların başına gətiribdir. Ona görə də əgər danışırsa, özündən soruşun".

Hikmət və danlaqla, rişxənd və istehza ilə dolu bu sözlər kütlədə güclü və qəribə təsir doğurub onların fikir və düşüncələrini alt-üst etdi. Bu sözləri eşidənlər bir-birini danlamağa, məzəmmət etməyə başladılar. Bir dəstə adam üzünü camaata tutub dedi: "Sizin özünüz, şübhəsiz, yanlış iş görmüş, allahlarınızı kimsəsiz qoymuşsunuz".

Qazılar İbrahimin məntiqi qarşısında mat qaldılar, dilləri dolaşdı. Başlarını aşağı salıb fikrə getdilər. Beləcə bir az durduqdan sonra çətinliklə də olsa fikirlərini topladılar və İbrahimə dedilər: "Ey İbrahim, sən özün bilirsən ki, bu bütlər heç bir suala cavab vermirlər. Belə olduqda bizi niyə onlardan söz soruşmağa, şahidlik etməyə çağırırsan?"

Qazılar bu sözlərilə istər-istəməz etiraf etdilər ki, bütlər aciz və zəifdirlər, ətraflarında baş verənləri və ya öz başlarına gələnləri eşidib, bilməkdə gücsüzdürlər. Beləliklə, onlar öz allahlarının ədalətsizliyi dəf etməkdə, hər cür məkr və hiyləni açmaqda qüdrətsiz olduğunu təsdiq etdilər.

Bu vaxt İbrahim qazıları cəhalət və təkəbbürdə inad göstərməkdə, həqiqəti aşkar olandan sonra yalana əl atmaqda günahlandırdı və camaatı təfəkkürə, ağla dəvət etdi: "Görün, bir olan Allahın əvəzinə nəyə pərəstiş edirsiniz? Axı onun sizə nə bir xeyri var, nə də bir ziyanı! Niyə bu barədə fikirləşmirsiniz?!"

Gözləri qarşısında pərdə çəkilmiş, qulaqlarına pambıq tıxanmış, ürəklərindən daş asılmış qazılar İbrahimin sözləri qarşısında aciz qalıb heç nə deyə bilməsələr də, rüsvay olacaqlarından qorxdular və mübahisədən çəkindilər. Onlar əlacsız qalıb zora əl atdılar ki, özlərinin məğlub olmuş çirkin sifətlərini güc və zor pərdəsi arxasında gizlətsinlər. Ona görə də rüsvay olmamaq üçün İbrahimə ağır cəza hökmü verdilər: "İbrahimi yandırın və allahlarınıza kömək edin!"




İBRAHİMİN ODA ATILMASI[12 - Qurani-Kərim, Ənbiya surəsi, 68-ci ayə və sonrakı ayələr.]


Tayfa qərara aldı ki, İbrahimi Allahın birliyinə inanmaqda və bütpərəstliklə mübarizədə, onlarla düşmənçilikdə təqsirləndirib oda atsın. Camaatın açıqca tək Allaha itaətə çağırılması özünüsevərlərin rahatlıq yatağı üçün bir tikan idi və eyş-işrətli günlərini qara edirdi. Bu dəvət xalqı onların köləlik zəncirindən azad edir və hiyləgərliklərini, alçaq işlərini üzə çıxardırdı, camaatı tələyə düşməkdən uzaqlaşdırır və beləliklə, qüdrətlərini sındırır, zülmlərini məhdudlaşdırırdı.

İbrahimin odda yandırılması fikri onların ürəyindən oldu. Lakin bu hökmü necə yerinə yetirsinlər? Gərək elə böyük tonqal qalasınlar ki, ürəklərindəki nifrət alovuna bərabər olsun. Onlar hər tərəfdən çoxlu odun və ağac yığdılar. Hər kəs öz bütünə sadiqliyini göstərmək üçün öz gücünə görə bu işdə iştirak etdi. Hətta xəstə qadınlar belə şəfa tapmaq və istəklərinə çatmaq ümidilə odun hazırlanmasında çalışırdılar. Ölkənin bütün şəhərlərindən bu mərasimdə iştirak etmək üçün adamlar dəvət olunmuşdu. Odun hazırlanması bir müddət çəkdi və nəhayət, odun və ağac qalağı dağ boyda oldu. Sonra geniş bir meydan düzəldib orada od qaladılar. Odun qorxunc dilləri göyə ucaldı və uzaq-uzaq yollar işıqlandı. Bu anda İbrahimi qolları bağlı halda alovun içinə atdılar. Şadlıq, çığırtı-bağırtı o vadinin hər tərəfinə yayıldı.

Ürəyi Allah-Taalaya möhkəm imanla, güclü etimadla, qırılmaz ilgilərlə, sonsuz ümidlə dolu olan İbrahim heç qorxu-hürküsüz, arxayınca və sakitcə, açıq və gülər üzlə özünü oda tapşırdı.

İbrahim od-alovun içinə düşdü. Göylərə ucalan şölələr hər tərəfdən onu bürüdü, alovun çırtıltısı səsini batırdı. İndi görək od İbrahimə nə etdi?

Alov İbrahimin əl-ayağına vurulmuş buxovları yandırıb onu azad etdi. Allah-Taala odun yanğısını İbrahimdən uzaqlaşdırdı, onu öz peyğəmbəri üçün sərin və zərərsiz etdi.

Bir neçə gündən sonra, elə ki, tüstü yox oldu və od səngidi, camaat qəribə bir mənzərə gördü: İbrahim salamat və şən, azad və qolları açıq halda onları Allaha itaətə dəvət edir. Bu mənzərə onları heyrətə gətirdi. Onlar utandıqlarından başlarını aşağı salıb dağılışdılar.

Beləliklə, İbrahimin sonsuz möcüzələrindən olan və İbrahimin başına gələn bu hadisə tayfaya aşkar oldu: onlar İbrahimlə mübahisəyə girişdilər, lakin mübahisədə çıxılmaz vəziyyətə düşdülər. Gücə və zora əl atdılar, amma məkr və hiylələri özlərinə qaldı. Onu oda atdılar, lakin Allah onu İbrahim üçün zərərsiz etdi. Axırda məcbur olub başlarını aşağı salıb ziyan çəkdilər.

Camaat bu böyük möcüzə qarşısında elə mat-məəttəl qaldı ki, az qala İbrahimə təslim olub onun dəvətini qəbul edəcəkdi. Onun yolu ilə getməyə bir şey qalmamışdı, ancaq mənfəətpərəstlər dünyəvi ləzzətləri, maddi nemətləri, rütbə və mənsəbi haqdan üstün tutdular. Başqaları isə onlardan qorxdular və nəticədə yalnız bir neçə nəfər İbrahimə iman gətirdi. Onlar isə zalımların qorxusundan imanlarını gizli saxladılar.




İBRAHİM VƏ NƏMRUD[13 - Qurani-Kərim, Bəqərə surəsi, 158-ci ayə və sonrakı ayələr.]



İnsanı heyrətə gətirən bu hadisə – böyük möcüzə Nəmrudun qəzəbini daha da coşdurub-daşdırdı, çünki o, İbrahimi dəbdəbəli hakimiyyətinin düşməni və qüdrətinin əsasını dağıdan sayırdı. Nəmrud İbrahimi yanına çağırıb onunla dava-dalaşa başladı: "Bu nə fitnədir ki, törətmisən? Bu nə oddur ki, alovlandırmısan? O hansı allahdır ki, sən adamları ona itaətə dəvət edirsən? Məgər məndən başqa bir allah tanıyırsan? Məndən başqa bir məbədgahı ibadət üçün layiq bilirsənmi? O kimdir ki, qüdrəti məndən daha uca olsun?! Məgər görmürsənmi ki, bütün işlər, onların tədbir və çarələri mənim əlimdədir?! Mənim fərmanım nüfuzludur, hökmüm qətidir. Camaat gözünü hökmümə dikmiş, qulağını fərmanıma şəkləmişdir. Hamı mənə ümid bəsləyir və məndən qorxur. Məgər bütün bunlara baxmayaraq mənim allahlığıma şübhə edirsən?" Niyə camaatın birliyini dağıdır, bütləri sındırırsan? Hanı o dəvətinə çağırdığın tanrı? İbadətinə çağırdığın allah kimdir?"

İbrahim sakitcə və təmkinlə Nəmruda belə cavab verdi: "Mənim Tanrım o kəsdir ki, can bağışlayır və can alır. İnsanları yaradan və yox edən yalnız Odur. O saysız-hesabsız insan yaradır, onları ömürlərinin sonunadək saxlayır. Qaçılmaz əcəli də O göndərir".

Burada İbrahimin güclü dəlil daşı Nəmrudun qorxunc dişlərini sındırdı. Lakin Nəmrud qürur və əzəməti üzündən təkəbbür və mübahisə yolunu tutub dedi: "Mən hər kimi istəsəm, onun ölüm hökmünü verəndən sonra öz əfvimin işığında dirildərəm. Həmçinin kimi istəsəm, öz fərmanımla ölümün cənginə tapşırıb bədənindən canını çıxara bilərəm".

Nəmrud hiyləyə əl atdı, bu yolla İbrahimin həyatın mənşəyi, onun bəxş edilməsi və geri alınması haqqındakı sözlərinin mənasını yanlış dəlillər pərdəsi altında örtdü. Lakin özündən razı bu cahil, İbrahimin peyğəmbərlik qüdrətinin və güclü dəlil-sübutlarının qarşısında necə dayana bilərdi?!

Bu anda İbrahim onun cavabında dedi: "Allah-Taala günəşi özünün qüdrət dairəsinə çəkmiş və onun üçün dəyişilməz qayda yaratmışdır: Hər gün onu Şərq tərəfdən çıxarır. Əgər iddia etdiyin kimi, sənin belə bir qüdrətin varsa, onda bu sabit qaydanı dəyişdir və onu Qərbdən çıxar".

Burada Nəmrud özünün itirdi, cəhalətin tərsliyi üzə çıxdı və yalanı aşkar oldu. Əsəbləri titrəməyə başladı və qorxdu ki, zülm taxtının bünövrəsi dağılsın. Lakin bu parlaq sübut və aydın dəlil qarşısında nə edə bilərdi?! Ona görə fikirləşdi ki, əgər onunla çəkişsə və aşkar düşmənçilik etsə, özü daha da rüsvay olar. Odur ki, əlacsız qalıb onu buraxdı və intiqam almaq üçün fürsət gözləməyə başladı.

Nəmrud casuslarını hər tərəfə göndərdi ki, camaatı İbrahimə uymaqdan çəkindirsinlər, ona yaxın düşməyə qoymasınlar. İbrahim Nəmrudun təqibi üzündən öz tərəfdarlarına yaxın düşə bilmədi. Yavaş-yavaş meydan ona dar oldu və vətənindən köçmək fikrinə düşdü. O bərəkətsiz ölkədə Allahın birliyinə inam nəsimi əssə də, bir bar vermədi. Ona görə də İbrahim çağırış nemətini oradan kəsdi və tayfasını əzab içində qoyub Fələstinə üz tutdu. Yolda o bir müddət Hərran[14 - Hərran – Əqur yarımadasının böyük şəhərlərindən biri. İraq və Suriya arasında yerləşirdi.] şəhərində qalmalı oldu.




İBRAHİM SÖHBƏTLƏRİ İLƏ ADAMLARA YOL GÖSTƏRMƏYƏ ÇALIŞIR[15 - Qurani-Kərim, Ənam surəsi, 76-cı ayə və sonrakı ayələr.]


İbrahim özünü, məsləkini Nəmrudun, nəmrudçuların zülmündən xilas etdi və tayfasını arxada qoyub səfərə çıxdı. O, Hərran şəhərində dayandı ki, bəlkə burada onu eşidən, sözünü dinləyən ağıllı adamlar tapa. Lakin çox keçmədi ki, buradakı camaatın yoldan azdıqlarını bildi və gördü ki, onlar bir olan Allah deyil, ulduzlara pərəstiş edirlər. Odur ki, onlara öz xətalarını başa salmaq, əqidələrinin puçluğunu açıb göstərmək qərarına gəldi. Bu iş üçün o, ağıl və sübut yolunu tutdu ki, onlar Allahı tapsınlar, haqq yolunu yanlışlıqdan, puçluqdan üstün tutsunlar və onun səsinə səs verib dəvətini qəbul etsinlər.

Axşam oldu və qaranlıq pərdəsi ətrafı bürüdü. İbrahim bu tayfanın pərəstiş etdiyi ulduzlardan birini gördü. Budur, o, söhbət edən bir dəstə adamın arasında durmuşdur. İbrahim onlara doğru yol göstərmək üçün mülayim söhbətə girişdi, camaatın dediyi: "Bu bizim tanrımızdır" sözlərini təkrar etdi.

Bu, İbrahimin dəlil gətirmə və yol göstərmə üsullarından biridir. İbrahim adamlara yol göstərmək üçün öncə onların diqqətini özünə cəlb edir, rəğbətini qazanır. Bunun üçün o, həmsöhbətlərilə mehriban danışır və əsla heç nəyə etirazını bildirmir. Bu üsulu o, mətləbini çatdırmaq və dəlillərini anlatmaq üçün daha münasib bilir, lakin eyni zamanda gizli şəkildə hiss etdirmədən rəyinin möhkəmliyini və gücünü adamların zehninə yeridir.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/s-dr-ddin-b-lagi/quran-hekay-tl-ri-68386534/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Qurani-Kərim, Bəqərə surəsi, 29-39-cu ayələr.




2


Burada və Qurandakı ayələrin çoxunda "gün" dedikdə varlıqların üzə çıxması müddəti nəzərdə tutulur. Buna görə də "gün" anlayışı milyonlarla illəri əhatə edə bilər.




3


Təbiidir ki, bu sual mələklər tərəfindən İlahi hikmətinə etiraz, ya şəkk, ya da Adəmə, onun nəslinə tənə etmək üçün verilməmişdi. Çünki mələklər Allahın elə yaxın, müqəddəs məxluqları və əziz bəndələridir ki, Onun əmrindən çıxmır, buyruğuna əməl edirlər. Əksinə, mələklər şübhələri yox etmək, əsl həqiqəti bilmək və yer üzündə xəlifəlik mənsəbinə çatmağa ümidvar olmaq üçün bu sualı vermişdilər. Axı onlar İlahi neməti və mərifətinə itaətdə özlərini üstün sayırdılar.




4


Qurani-Kərim, Maidə surəsi, 31-35-ci ayələr.




5


Qabilin qəzəbi və Habilin qətli haqqında rəvayətlər müxtəlifdir. Biz bu qissələri hazırlayarkən "Məcməul-bəyan" təfsirini əsas götürmüş və istər burada, istərsə də başqa qissələrdə daha çox həmin təfsirdəki şərtlərə üstünlük vermişik.




6


Qurani-Kərim, Hud surəsi. 26-49-cu ayələr.




7


Qurani-Kərim, Hud surəsi, 51-60-cı ayələr.




8


Qurani-Kərim, Hud surəsi, 62-69-cu ayələr.




9


Qurani-Kərim, Bəqərə surəsi, 262-ci ayə.




10


Qurani-Kərim, Məryəm surəsi, 41-48-ci ayələr.




11


Qurani-Kərim, Ənbiya surəsi, 57-68-ci ayələr.




12


Qurani-Kərim, Ənbiya surəsi, 68-ci ayə və sonrakı ayələr.




13


Qurani-Kərim, Bəqərə surəsi, 158-ci ayə və sonrakı ayələr.




14


Hərran – Əqur yarımadasının böyük şəhərlərindən biri. İraq və Suriya arasında yerləşirdi.




15


Qurani-Kərim, Ənam surəsi, 76-cı ayə və sonrakı ayələr.



Görkəmli İran alimi Sədrəddin Bəlağinin «Quran qissələri” – “Quran hekayətləri» kitabı çağdaş oxucularda bu müqəddəs kitabdakı hekayətlər haqqında düzgün və dolğun təsəvvür ya-ratmaq məqsədilə qələmə alınmışdır.

Как скачать книгу - "Quran hekayətləri" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Quran hekayətləri" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Quran hekayətləri", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Quran hekayətləri»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Quran hekayətləri" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Видео по теме - Brayl əlifbası ilə nəşr edilmiş “Quran hekayətləri” kitabının təqdimatı keçirilib
Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *