Книга - Toy gecəsi

a
A

Toy gecəsi
Qasımov Əlfi


Kitaba yazıçının “Toy gecəsi” və “Adilənin taleyi” romanları daxildir. “İnsan insanın dostudur, qardaşıdır” ideyası “Toy gecəsi” romanının əsasını təşkil edir.

“Adilənin taleyi”nin mövzusu gənc jurnalistlərin həyatından alınmışdır. Əgər Həmzə öz qələmindən şəxsi-qərəzlik və gününü eyş-işrətdə keçirmək üçün istifadə edirsə, Adiləyə jurnalist qələmi həqiqəti üzə çıxarmaq üçün lazımdır.





Əlfi Qasımov

Toy gecəsi





TOY GECƏSİ











SƏNƏ GÜVƏNDİYİM DAĞLAR…


Səhərin ala-toranında qapının zəngi çalındı. Zivər xanım narahatlıqla yerində qurcalandı: «Xeyir olsun, bu tezdən kimdi görəsən?» Məktəbə hazırlaşan Tərgül başındakı saçburanları aça-aça qapıya tərəf yeridi. Gözlükdən baxdı, zəngi basan adam tanış deyildi.

– Kimdir?

Qapının arxasından astadan səs gəldi:

– Qərib dayımın evi buradır?

– Bəli, buradır. Bəs siz kimsiniz?

– Mən… Mən… Qərib dayının qohumuyam.

Dəmir qapı darvaza kimi şaqqıldadı. Tərgül qarşısında ucaboylu, zil qara saçları üz-gözünə dağılmış bir oğlan gördü, hər iki əlindən yaşıl tor zənbil sallanırdı. Birinə deyəsən kitab-dəftəri yığılmışdı. O birində isə qəzetə bükülü nəsə vardı, yəqin ət idi, qanı da qəzeti qızartmışdı. Oğlan zənbilləri qapının ağzına qoyub zol-zol qısaqol köynəyinin açıq düyməsini bağladı.

İçəridən Zivər xanımın səsi eşidildi:

– Taya, kimdir gələn?

Tərgül cavab vermək əvəzinə içəri keçib çiynini çəkdi:

– Tanımıram, deyir ki, papanın qohumudur.

Zivər xanım üz-gözünü turşutdu, deyinə-deyinə yatağından qalxdı:

– Sənin bu papanın da vəzifəsi böyüdükcə, adı-sanı artdıqca qohumlarının sayı artır. Görəsən bunlar hardaymışlar papan dağlı məhəlləsindəki quş damında qalanda?

– Mama, yavaş, eşidir axı.

– Yaxşı, mənə dərs vermə, sən get çayını iç, məktəbə gecikərsən.

Zivər xanım yapon parçasından tikdirdiyi zərli xalatını əyninə keçirib düymələrini bağlaya-bağlaya yataq otağından çıxdı. Oğlan hələ də qapının ağzında «farağat» vəziyyətində dayanmışdı.

– Oğul, burda niyə dayanmısan, içəri keçsənə! – Zivər xanım mətbəxə tərəf başını döndərib qızının qarasına deyindi. – Qonağı da qapı ağzında qoyarlar?

Oğlan addımlarını şüşə kimi parıldayan döşəmənin üstünə ehmalca basa-basa otağa keçib Zivər xanımın göstərdiyi stulda oturdu. Zivər xanım oğlanın parketdəki tozlu ayaq izlərinə baxıb çiynini tulladı, ikrah hissi ilə mətbəxə keçdi. «Qanacaqsız, ayaqqabını çıxartmırsan çıxartmırsan, heç olmasa, qapının ağzındakı cındaya siləydin. Özü də ayaq adam ayağı ola, fil pəncəsindən böyükdü. Yəqin ayaqqabı da tapılmaz buna, razmeri ən azı 50 olar…»

Oğlan ürkək nəzərlərlə otağa göz gəzdirdi. Divarın bir tərəfini boyaboy tutmuş nəhəng şkafda çoxlu büllur qablar – vazalar, «qayıqlar», üstündə adam şəkli olan boşqablar, qədəhlər, fincanlar (lap univermaqdakı vitrinlər kimi) vardı. Qarşıdakı divardan isə iri xalı asılmışdı. Bütün divarı örtmüş xalının üstündən üç şəkil sallanırdı. O başda Qərib dayı, bu başda Zivər xanım, ortada da Tərgül. Birdən oğlanın nəzərləri güzgü kimi bərq vuran döşəmədəki tozlu ayaq izlərinə sataşdı. Pərt oldu. Cəld ayaqqabılarını çıxarıb qapının ağzına, zənbillərin yanına qoydu, cib dəsmalı ilə parketdəki ayaq izlərini tələsik silib əvvəlki yerində oturdu. Döşəmə tamam təmiz olmasa da, oğlanın ürəyi bir balaca sakitləşdi: «Zivər xanım deməsin ki, nə qanacaqsız oğlandır». Qızın səsi eşidildi:

– Mama, mən getdim, qapını bağla.

Əvvəlcə zəncir səsləndi. Sonra qapı cırıldadı. Sonra da nəsə şaqqıldadı. Zivər xanım qapını bağlayıb oğlanın yanına qayıtdı.

– Çay içərsən, yoxsa kofe?

– Çox sağ olun, Zivər xala, heç nə lazım deyil.

– Sağam da!

– Onda zəhmət olmasa, bir istəkan çay.

Zivər xanım özünə bir fincan süd, oğlana isə bir stəkan çay gətirdi.

– Hə, indi de görüm, kimsən, kimlərdənsən?

– Zivər xala, mən sizi də, Tərgülü də görən kimi tanıdım. Qərib dayımla keçən yay Kislovodskidə şəkil çəkdirmisiniz ha, Qartalın altında, dayım şəklin birini anama göndərib.

– Hə, deyirəm, axı. Eh, Kislovodskinin də zibili çıxıb. Hara baxırsan, bizimkilərdir. Şəhərdəki zəhləm getmişlər hər addımda qabağımıza çıxırdı. Dedim, kişi, öldür məni, bir də Kislovodskiyə getmərəm.

– Yaxşı da eləyirsiniz. Anam da elə deyirdi, Deyirdi, bircə dəfə yığışıb kəndə gəlsələr, İsti-Suyu, Ceyran bulağını, Şuşanı gəzsələr, ayaqlarını bir də basmazlar başqa yerlərə. Bizim bağçamız lap aləmdir. O qədər qızılgül əkmişəm, bülbüllər əl çəkmirlər, səhərdən başlayırlar oxumağa.

Zivər xanım ürəyində oğlanın sadəlövhlüyünə gülsə də («Camaat Karlovı-Varıdan dəm vurur, Qızıl Qumdan danışır, bu da başlayıb Ceyran bulağı, alaçıq, artezian, puf!..»), üzə vurmadı:

– Deyirsən ki, Qarikin qohumusan, hə?

Oğlan təəccüblə soruşdu:

– Qarik kimdir, Zivər xala?

Zivər xanım qəhqəhə ilə güldü. Hətta gülə-gülə Turala bir yumruqda ilişdirdi:

– Ay sənin canınacan, öz qohumunu da tanımırsan?..

– Qərib dayımı deyirsiniz? Niyə tanımıram? Mənim anam Qərib dayımla dost-doğma əmioğlu-əmiqızıdırlar, çalpapaqlardandılar.

– Eşitmişəm, Qarik deyib, böyük nəsil olublar. Amma bir az da gileylənirdi sizlərdən. Nə bilim, vallah, o qədər də fikir vermədim, guya biri adam öldürüb, o biri oğurluq eliyib, üçüncüsü qız götürüb qaçıb…

Oğlan başını aşağı salaraq astadan:

– Adam öldürən mənim atamdır, Zivər xala, – dedi. – Üç ildir yatır.

– Fu… Kaşmar!

– Nə dediniz?

– Deyirəm ki, dəhşətdir! Gərək nə qədər qansız olasan ki, nə qədər insanlıq hissini itirəsən ki, adam öldürəsən. İyirminci əsr az qala başa çatır, camaat kosmosa uçur, ayın, ulduzun sirrinə baş soxur, bizimkilər də bıçaq götürüb düşüblər bir-birinin üstünə. Vəhşilikdir, vallah!

Tural həyəcanlandı, kövrəldi:

– Elə deməyin, Zivər xala. Bəlkə o adam doğrudan da ölməliymiş.

– Nə deyim, bəlkə də… Amma mən yenə ağlıma sığışdıra bilmirəm. Axı nə üçün bu orta əsr dəhşətləri hələ-də davam etməlidir?

– Mən də xəcalət çəkirəm, Zivər xala. Hər dəfə tərcümeyi-halımı yazanda xəcalət çəkirəm. Ölənin övladlarını, qohumlarını hər dəfə görəndə birtəhər oluram, yolumu dəyişirəm, elə bil günahkaram onların yanında, amma…

– Nə amma?

– Amma atamda zərrəcə günah olmayıb. Öldürülən briqadir olub. Mənim atamsa suçu. Günün günorta çağı atam pambıqlıqda qışqırtı eşidir. Əlində bel yüyürüb görür ki, kolxoz sədrinin dost-doğma qardaşı orta məktəbi təzəcə bitirib kolxozda işləyən bir qızı, üzr istəyirəm sizdən, basmarlayıb yıxıb altına. Briqadir də yes-yekə, zırpı bir kişi, ailəsi, uşaqları. Atam onun. üstünə qışqırır: «Burax uşağı!» Briqadirsə söyür atamı: «Ölümün yetib, əclaf? Rədd ol, get burdan! Sənə nə var, qohumun ha deyil!» Atamın qan vurur beyninə: «Əclaf sənin özünsən, köpəkoğlu! Uşağı niyə bədbəxt eləyirsən! Burax, deyirəm sənə, yoxsa bu saat başını partladaram sədr qardaşın vayına gələr!» Briqadir görür ki, atam əl çəkmək fikrində deyil. Qəfil fin bıçağını çıxarıb cumur atamın üstünə. Atam bağırır, hədələyir onu:

– «Yaxın gəlsən vuracam!» Briqadir də quduzun biri. Endirmək istəyir bıçağı atamın sinəsinə. Atam da dəlidi onu yaxın buraxsın? Beli düz kəlləsinə! Briqadir tir-tap uzanır yerə. Atam görür ki, qız qaçıb aradan çıxmaq istəyir. Çağırır qızı. «Mən bu əclafı sənin üstündə öldürdüm, qızım, – deyir, – indi gedirəm milisə, necə var, elə də deyəcəyəm, yəqin səni də çağıracaqlar. Utanıb eləmə, hadisə nə təhər olubsa eləcə də danış, yaxşı?» Qız ağlaya-ağlaya başlayır atama yalvarmağa: «Məni biabır eləmə, Saleh əmi, – deyir, – nişanlım var, axı bundan sonra mən camaat arasına necə çıxaram?»

Atam qalır naəlac. «Yaxşı, qızım, – deyir, – get, xoşbəxt ol. Amma səndən bir xahişim var, oğlum orta məktəbi qurtaranda, hadisə necə olubsa, ona danış, yaxşı? Ancaq Tural balama, yaxşı? Qoy oğlum bilsin ki, onun atası nəyə görə həbsxanaya düşüb». Qız da əhvalatı mənə danışdı. Orta məktəb attestatlarımız verilən günün səhəri danışdı. Özü də yalvarıb-yaxardı ki, heç kəsə deməyim. Ailəsi, uşağı var, utanır, yazıq neyləsin. Mən də ilk dəfədir sizə danışıram, hadisənin düzünü heç anam da bilmir.

– Bəs, atan nə deyib məhkəmədə?

Tural Zivər xanımın sualını cavabsız qoymadı:

– Deyib ki, su üstə sözləşdik, o məni söydü, bıçaq çəkib üstümə yeridi, mən də beli fırladım, nə bilim ki, başından tutacaq.

Zivər xanımın əti ürpəşdi, qolunun tükləri biz-biz oldu. Əlini bir neçə dəfə qoluna çəkib dedi:

– Danışma, sən canın. Nə yaman hərif olub sənin bu atan? Gərək açıb hər şeyi deyəydi məhkəmədə.

Oğlan susdu. Çay soyuyub bumbuz olmuşdu. Hannan-hana Zivər xanım dilləndi:

– Oxumağa gəlmisən, ya işə düzəlməyə?

– Nə bilim, görək də. İstəyirəm sənədlərimi verim neft kimya institutuna.

– Bir adam-zad görüb eləmisiniz?

– Tural başa düşmədi. – Deyirəm, düzəltməyə söz verən var səni?

– Mənim kimim var ki, Zivər xala? Şəhərə gəldiyimi də təkcə anam bilir. O da siz deyəni deyirdi: «Adamsız, arxasız nə institut, oğlum. Çıxart bu xam xəyalı başından». Mən isə girməliyəm, mütləq instituta girməliyəm.

Tural susdu. Zivər xanımsa söhbəti davam etdirmək fikrində idi:

– Başında bir şey var?

– Nə bilim Zivər xala, başdı da.

– Attestatında qiymətlərin necədir?

– Cəmi ikicə dənə dördüm var.

– Qalanları hamısı üçdür, eləmi?..

– Yox, beşdir hamısı.

– Onda pis deyil başın… Bir də rayon yeridir də, dördləri, beşləri sağa-sola paylayırlar. Rayonun «dördü», «beşi» şəhərin «ikisi», «üçü»… Oğlum, ürəyinə toxunmasın, başqası olsaydın deməzdim. Qarikin qohumu – mənim can-ciyərim, nə təfavütü, yayın bu istisində özünə əziyyət vermə, instituta girmək halva döyül səninçün. Ya gərək kalan pulun ola, ya da dayın.

«Dayı»nın sözaltı mənasını başa düşməyən Tural sevincək dedi:

– Elə ona görə Qərib dayımın yanına gəlmişəm, dayna.

– Əvvəla, Qarik burda yoxdur, ezamiyyətə gedib, 15 gündən sonra gələcək. Lap burda olsaydı da qoymazdım onu belə işlərə qarışa. Kişini dilə-dişə salma sən canın, qoy bir parça çörəyimizi rahat yeyək.

Tural pərt oldu. «Bu arvad niyə qızışdı görəsən? Mən nə dedim, axı?» Deyəsən onun dilxor olduğunu Zivər xanım da hiss elədi. Astadan, özü ilə danışırmış kimi mızıldandı:

– Mənə deyən gərək, sənə nə düşüb, niyə qarışırsan xalxın işinə… Özün bilərsən, bala!

Zivər xanım ayağa qalxdı. Tural onun qəfil ayağa qalxmasına belə məna verdi: «söhbətimiz bitdi, gedə bilərsən». Əslində isə Tural getməyə yox, qalmağa gəlmişdi. Özü də böyük ümidlə. Belə fikirləşirdi ki, dayısı arvadı, lap Tərgülün özü onun gəlişinə çox sevinəcək, «nə yaxşı qohumumuz var, – deyəcəklər, – maşallah, ağıllı-başlı oğlandır, oxumaq istəyir, çox yaxşı. Qərib dayısının canı sağ olsun, nə lazımsa, kömək eləyər. O da gələcəkdə bizim arxamız, havadarımız…»

Zivər xanımınsa ürəyindən başqa hisslər keçirdi: «Yoxam də bu rayonluların xasiyyətinə. Üz verdin, astar istəyəcəklər səndən. Qariklə də neçə dəfə sözümüz olub bu rayonluların üstündə. Bircə kərəm qanmırlar ki, şəhər evi mehmanxana deyil! Gəlmisən, çox yaxşı, pay-pülüş gətirmisən, çox sağ ol. Gəlib görüşdün, hal-əhval tutdun, day çıx get də, nə yerini təzədən rahatlayırsan, çayı çaya calayırsan, kəndin əhvalatlarını, intriqalarını dil qəfəsə qoymadan danışırsan. Yazıq Qarik də neyləsin, mədəni adamdır, ağzına su alıb qulaq asır. Lap elə deyək ki, söhbətlərin əladır, ağzından da dürr tökülür. Heç olmazsa, danışıb yorulandan sonra (özün də görürsən ki, Qarikin gözləri yumulur) dur çıx get xaraba mehmanxanaya da! Nə dikmisən gözünü divana? Ölmüşdü Zivər xanım sənin o aylarla hamam üzü görməyən bədəninçün, həftələrlə yuyulmayan, tər iyi verən tuman-köynəyinçün təptəzə yataq açsın, sonra da bir həftə yorğan-döşəyi eyvanda günə sərsin ki, iyi-qoxu çəkilə… Yox, adam imanını yandırmaz, rayonluların qanacaqlıları da var aralarında. Bir də görürsən zəngi basdı, qalxıb qapını açdın, o da çamadanı yavaşcadan içəri sürüşdürdü, utana-utana da dedi: «Zivər xanım, sizə əziyyət olsa da boşaldın bunu, çamadanı aparım gərək, bu boçonkadakı konyakı da tökün balona, hayıfdır, xarab olar. Qərib dayıya da deyin ki, filankəs gəlmişdi». Hə, bax beləsinə varam! Yoxsa, irişə-irişə keçir içəri, keçməyi cəhənnəm, əyləşir də, əyləşməyi cəhənnəm, gözləyir ki, ona yemək-içmək versinlər, yeyib-içməyi cəhənnəm, baxırsan ki, gözlərini zilləyib divana, qətiyyən getmək fikrində deyil. Burda cin vurur də başıma. Az qalıram gətirdiklərini də vızıldadım eyvandan yerə… İndi də bu! Qadam belə qohuma da, onun gətirdiyi zir-zibilə də!»

Zivər xanım gözünün ucu ilə, ikrahla zənbilə baxdı, eyvana çıxıb qayıtdı. Əlində də ucunacan sarınmış uzun bir ağac vardı. Döşəməyə sarımtıl maz sürtüb başladı döşəməsiləni parketin üstü ilə sürüşdürməyə.

Tural fikir verib gördü ki, onun ayaq izləri olan yerləri Zivər xanım necə hirslə, necə hikkəylə silir. Sonra stolun altını sildi, bir neçə dəfə, qəsdənmi, ya təsadüfdənmi döşəməsiləni Tural oturan stulun qıçına vurdu. Tural bunu öz aləmində belə yozdu: «Tarapp! – yəni qalx ayağa! Turupp! – yəni dur get!»

Turalınsa getməyə yeri yox idi. İlk dəfə idi ki, Bakıya gəlmişdi. Heç yeri tanımırdı. Lap onu qovsaydılar da, gərək dözəydi.

Birdən Zivər xanım başını qaldırıb soruşdu:

– Yəqin mehmanxanada yer almısan, eləmi?

Tural bu sualı qətiyyən gözləmirdi. Bilmədi nə cavab versin. Qəfil şillə tutan adamlar kimi bir anlığa fikrini cəmləşdirə bilmədi:

– Nə? Yer? Hə, almışam, əlbəttə, almışam.

Əvvəlki sual bəs deyilmiş kimi, Zivər xanım dübarə soruşdu:

– Hansı mehmanxanada?

– Hansında? Hə, dəniz qırağında var ha, bax orda.

Zivər xanım qara çəkilmiş, tük kimi nərmə-nazik qaşlarını dartaraq daha dərinə getdi:

– Balam, orda nə əcəb sənə yer veriblər? Orda xaricilər… Nə bilim, vallah.

«Tez, lap tez, bax elə bu dəqiqə buradan getməliyəm. Lap elə bu dəqiqə», fikirləşən Tural ayağa qalxdı. Kitab dəftərini yığdığı zənbili götürdü. Ayaqqabılarını ayağına keçirdi, bağları sallana-sallana otaqdan çıxarkən:

– Sağ olun, Zivər xala, – dedi, – bağışlayın, əziyyət verdim.

– Boy, gedirsən? Bir az əylənsəydin, xörək hazırlardım səninçün.

– Çox sağ olun, gedim bir az dərslərimə baxım.

Tural qapının ağzında çəkməsinin bağını ilməklədi.

Üç-dörd pillə düşməmişdi ki, Zivər xanım onu səslədi:

– Zənbilin qaldı, axı.

Tural başını yuxarı qaldıraraq:

– Onu sizə gətirmişəm, Zivər xala, – dedi, – üç kilo qoyun ətidir, bir az da yarpaq. Anam dedi ki, dayın tənək dolmasını çox istəyir.

Zivər xanım əlində murdar əski tutubmuş kimi qəzeti, qanlı zənbili Turala tərəf uzatdı.

– Çox sağ olsun anan, lazım deyil. Anana deyərsən ki, dayımgil qoyun əti yemirlər.

Əlacsız qalan Tural zənbili Zivər xamımın əlindən aldı. Qəhərlənmişdi, gözləri dolmuşdu. Onu təhqir eləmişdilər. Anasını təhqir eləmişdilər. Gətirdiyi payı geri qaytarmışdılar. O, zənbili qeyzlə qarşısına çıxan ilk zibil yeşiyinə atıb ağladı. Hönkür-hönkür ağladı. Üzünü divara çevirdi ki, yoldan keçənlər onun ağladığını hiss eləməsinlər…

Tural birtəhər özünü ələ aldı. Uşaqlıq elədiyi, körpə kimi hönkür-hönkür ağladığı üçün özünü danladı: «Lap səfehəm, e. Elə bil dünya dağılıb, altında qalmışam. Gedərəm mehmanxanaların birində yer alaram, gərək elə mütləq Qərib dayımgildə qalaydım?»

Tural ürəyində «Qərib dayım» sözünü bir də təkrar elədi. «Amma, gərək Zivər xala anamın adını çəkməyəydi. Özü də birtəhər dedi ey: Anana deynən ki, Qərib dayımgil qoyun əti yemirlər! Görəsən doğrudanmı yemirlər qoyun ətini? Nəyi pisdir bu qoyun ətinin? Qəssabdan xahiş eləyib dolmalıq almışdım, özü də od qiymətinə… Gərək heç dayımgilə getməyəydim… Eh, səpə güvəndiyim dağlar…»




SÖYÜD AĞACI ALTINDA DÜŞÜNCƏLƏR


Bu fikirlər içərisində tanımadığı küçələrlə üzü hara gəldi gedən Tural birdən, elə bil, ayıldı. Yan-yörəsinə baxdı. Uca binalar, adam axınları, maşın axınları… «Vay dədəm vay, bu qədər də maşın olar? Lap kinolardakı kimidir. Mən kinoya baxanda elə fikirləşirdim ki, maşınları bir-birinin dalına düzüb, sonra çəkirlər kinoya. Day demə, doğrudan da bu qədər maşın varmış küçələrdə. Elə bil gəlin köçürürlər».

O, əlindəki ala-bəzək ağacı ilə maşınlara yol göstərən milis işçisinə yaxınlaşdı. Milis işçisinin ağacını yuxarı qaldırması ilə maşın karvanının dayanması bir oldu.

– Yoldaş nəçənnik, bu yaxınlarda qəstin var?

Milis işçisi avtomat kimi şaqqıldadı:

– Bu küçədən sağa burulursunuz, 25 addım gedəndən sonra sol əldə iri binadır.

– Çox sağ olun.

Tural, milis işçisinin isnad verdiyi binanı tapdı. Binanın qabağında iri hərflərlə «Mehmanxana» sözü yazılmışdı. Sevindi. İçəri keçdi. Gözü taxta lövhədəki yazıya sataşdı. «Yer yoxdur», – sözlərini oxuyub dilxor oldusa da ümidini üzmədi. «Bəlkə elə-belə yazıblar, bəlkə dərdimi deyim, deyim ki, qalmağa yerim yoxdur. Yəqin yazıqları gələr, yer verərlər».

– Bacı, – deyə qarşısındakı kağıza nə isə yazan qadına müraciət etdi, – qalmağa yerim yoxdur, bəlkə…

Qadın barmağını «Yer yoxdur» sözləri yazılmış lövhəyə uzadaraq yazı-pozusuna davam elədi.

Tural boş kreslolardan birində əyləşib ümidsiz halda fikirləşməyə başladı. «Neyləyim? Hara gedim?»

Elə bu zaman görkəmindən kənd adamına oxşayan şişman bir kişi içəri girib bayaq barmağı ilə «Yer yoxdur» lövhəsini göstərən qadına yaxınlaşdı. İri qarnını taxtaya dirəyib başını kiçik gözlükdən içəri salaraq qadına tərəf əyildi, nəsə pıçıldadı. Sonra əlini cibinə atıb pasportunu çıxartdı, arasına bir iyirmibeşlik qoyub qadına uzatdı. Qadın kimə isə eşitdirmək istəyirmiş kimi ucadan dilləndi:

– Bəs, bayaqdan niyə demirsiniz, sizin ki, bronunuz var! Yarım saat fırlanıb gəlin, Yeriniz hazır olar.

Quralı fikir götürdü: «Görəsən bu «bron» nə deməkdir? Onu kim verir, kimlərə verirlər bu bronu?»

Şişman kişi razılıq edib çıxdı. Özünü güclə çəkib aparan yekəpər bir qadınla, arıq, uzun bir kişi içəri girdi. Yer verən qadına yaxınlaşdılar. Qadın bayaq Turala «Yer yoxdur» lövhəsini necə göstərmişdisə, onlara da eləcə göstərdi. Kişi yanındakı qadına müraciətlə:

– Cana, – dedi, – sən burda, kresloda əyləş, mən görüm neylirəm.

Kişi liftə minib yuxarı qalxdı, aradan beş dəqiqə keçmədi ki, əynində ağ xalat olan bir qadınla qayıtdı. Kişi arvadının (Bəlkə də heç arvadı deyildi, nə bilmək olar?) yanına gəldi, qadınsa yer verən arvadın yanına getdi. Nə barədə gülə-gülə danışdılar. Sonra xalatlı qadın göz vurub kişini pilləkənin altına çağırdı. Kişi pasportları çıxarıb ona verdi, şad xəbərlə kresloda yayılmış qadının yanına qayıtdı:

– Yerimiz düzəldi, cana, çıxaq dəniz qırağına, bir qədər gəzinib, gələrik.

Onlar qol-qola girib meһmanxanadan küçəyə çıxar-çıxmaz Tural onları yanladı. Utana-utana:

– Bağışlayın, əmi, – dedi, – yer aldınız, һə?

– Aldıq, oğlum, necə?

– Mən də almaq istəyirəm axı.

Kişinin əvəzinə arvad cavab verdi:

– Get al də, biz neyniyək?

Tural az qala ağlayacaqdı:

– Xala, necə alım? Vermirlər axı, «bron» istəyirlər.

Kişi qəһ-qəһə ilə güldü, əlini Turalın çiyninə qoydu.

– Ay səni, cavan oğlan… Sənin də bronun yoxdu, һə?

– Əmi, axı, o «bron» nədir, kimə verirlər onu?

Kişi bir daһa qəһ-qəһə çəkdi:

– Bron!.. Bron!.. Bron, bax, bu!

Kişi əlini qoltuq cibinə salıb şax bir iyirmibeşlik çıxartdı.

– Varındırsa, get üçüncü mərtəbədəki növbətçinin yanına, bayaq bizə yer düzəltdi, һa, bax, o xalatlının, deynən məni əmim göndərdi.

Tural daһa һeç nə soruşmadı. Kişi ilə arvad aralandı. Tural onların dalınca һəsrətlə baxa-baxa qaldı. «Belə də şey olar? Meһmanxananı gör necə alverxanaya döndəriblər!» Cəsarətini toplayıb yenə yer verən qadına yaxınlaşdı, sanasan bu saat һaray-һəşir salacaq, aləmi tamaşaya yığacaqdı, Qadının işgüzar görkəminə baxan kimi ürəyinə şübһə doldu: «Bəlkə kişi məni aldadır? Bir söz deyərəm, şaһid-sübut istəyərlər, «Bizə şər atırsan», deyərlər. Yox, yaxşısı budur mülayimliklə xaһiş eləyim». Odur ki, səsinin aһənginə kövrəklik verib bir də xaһiş elədi. Qadın qələmini kənara atıb, top kimi partladı:

– Nə qəmiş uşaqsan, adə, qoymazsan işimizi görək? Korsan, görmürsən o boyda yazını?

Tural suyu süzülə-süzülə küçəyə çıxdı: «Aldın payını? Kişinin qızı düz deyir də. Açıq-aydın yazıblar ki, yerimiz yoxdur, mən də başlamışam çərənləməyə. Yer olsa verərlər də, otaqları boş saxlamayacaqlar, һa»

Tural üç-dörd saat şəһərin küçələrində ayaq döydü. Hansı meһmanxananın qapısını açıb içəri girdisə «Yer yoxdur» sözləri gözlərini döyənək elədi, Onu fikir götürdü. «Deyirəm, adamın һeç inanmağı gəlmir. Necə-ola bilər ki, o irilikdə binaların һeç birində bircə dənə də yer olmasın?.. Yəqin rayonlardan axışıb gəliblər. İmtaһan vaxtıdır, axı… Yaxşı, bəs indi neyləyim?» Birdən başında küt ağrı һiss elədi. Hiss elədi ki, ayaqları sözünə baxmır, ağzı da quruyub. Yadına düşdü ki, səһərdən ağzına bir loxma da çörək almayıb. Qarşısına çıxan kababxanaya girib toqqasının altını bərkitdi. Eyni bir balaca açıldı. Dəstə-dəstə һarasa axışan adamlara qoşulub irəlilədi. Bir də gördü ki, saһil parkındadır. Fəvvarələr, karusellər, bəzəkli çayxanalar, sərgilər, adamları dəniz gəzintisinə səsləyən katerlər, dalğalarla oynayan qağayılar, maşın sürən uşaqlar, nəvəsini gəzdirən nənələr, һalay vurub gitara çalan cavanlar… Bir sözlə, saһildəki һər şey ona nağıl kimi, yuxu kimi gəldi. Gəzindi, baxdı, lap saһildə, dalğaların köһlən at kimi şaһə qalxıb özlərini saһil qayalarına çırpdığı yerdə dayanıb naraһat dənizə, bir-birini qovan dalğalara baxdı, baxdı. Ürəyində bir sərinlik, bir gümraһlıq һiss elədi. Sonra gəlib salxım söyüdlərdən birinin kölgəsindəki skamyanın üstündə əyləşdi. Söyüdün məcnun budaqları onun saçlarına toxundu, üzünü oxşadı. Tural söyüdün salxım budaqlarında bir canlının nəfəsini duydu, eһmal-eһmal oxşadı söyüdün saçaqlarını. Ürəyindən bir gizilti keçdi. Axı dünən axşamüstü, gün qüruba əyiləndə o Qarqarın saһilindəki qoşa söyüdün saçaqları altında dayanmışdı. Özü də tək deyildi. Gülbuta da yanındaydı. Başını aşağı salmışdı.

– Gedirsən, Tural?

– Gedirəm, Gülbuta.

– Getməsən olmaz? Bəs, sözü bir yerə qoymamışdıq ki, iki il kolxozda işləyək, sonra gedək Bakıya?

– Bilirsən nə var, Gülbuta?

– Hə, nə var?

– Birdən iş elə gətirdi ki, gedəsi oldum. Necə deyim sənə. Mütləq getməliyəm! Kənddə qala bilmərəm daһa!

– Bəlkə bizimkilərdən sənə bir söz deyən olub?

– Bir gör ürəyinə nələr gəlir, yox, qətiyyən yox.

– Axı sənin məndən gizli sözün olmazdı, Tural, niyə ürəyindəkini açmırsan mənə, niyə məni yaxşı-yaxşı başa salmırsan? Səndən küsərəm һa, ağlayaram һa!

– Uşaqlıq eləmə, Gülbuta, – Tural əlini qızın saçlarında gəzdirmişdi, oxşamışdı qızın saçlarını, bax, indicə bu söyüd saçaqlarını oxşayan kimi.

– Yaxşı, görürəm inciyirsən, һadisə necə olub һamısını danışacağam sənə. Bilirəm ki, ağzıbütövsən. Sənə deyilən söz bir daş, bir quyu....

Tural Gülbutaya inansa da bir daһa tapşırmışdı: «Birdən ağzından. orda-burda söz qaçırarsan, һa! Evimizin söһbətidir. Mən cəhənnəm, anam biabır olar. Əmim dünyanı dağıdar».

Gülbuta incik halda gileylənmişdi:

– Day elə söz lazım deyil mənə. İnanmırsan, demə.

– Sən nə danışırsan, Gülbuta? Mən sənə özümdən də artıq inanıram, fizika dərsində sinfə sərçə buraxdığım yadındadır? Məsələni də, misalı da düppədüz həll eləmişdim, bilmirəm kiməsə kömək eləmək istədiyimə görə müəllim açığa düşüb mənə «dörd» vermişdi. Mən də ondan hayıf çıxmaq üçün ertəsi gün dərsin şirin yerində sərçəni buraxdım otağa. Onu bir sən bildin, bir də mən. Düz bir həftə uşaqları sorğu-suala tutdular, axı, kimin ağlına gələrdi ki, bu mənim işimdir? Sənin ağzıbütövlüyünü onda sınamışam.

Gülbutanın qaşqabağı açılmışdı.

– İndi ki, belədir, danış.

Tural bu əhvalatı xatırlasa da, Gülbutanın ağzıbütöv olduğuna inansa da evlərindəki son əhvalatı ona açmağa ürəyi gəlməmişdi.

– Bilirsən nə var, Gülbuta? – demişdi, – səfər üstəyəm, səni dilxor eləmək, öz qanımı da qaraltmaq istəmirəm, yaxşısı budur, gəl heç bu məsələni ağartmayaq. Sonra ya özüm gələndə danışaram, ya da məktubda yazaram.

Gülbuta da təkid eləməmişdi:

– Yaxşı, özün bilərsən, danışmırsan, danışma, – demişdi.

Onların həyəcanlı baxışları bir-birinə zillənmişdi. Baxışlar danışmışdı, baxışlar «Salamat qal», – demişdi, baxışlar «Yaxşı yol» – demişdi.

Hadisə isə belə olmuşdu.

Tural srağagün səhərdən axşamacan biçənəkdə ot çalıb yorulduğundan evə qayıdan kimi bir qablama xiyarlı, keşnişli doğrama düzəldib doyunca yeyəndən sonra yatağına uzanmış, uzanan kimi də yuxuya getmişdi. Bir də nə zamansa o biri otaqdakı səs-küyə oyanmışdı (Turalgilin cəmi-cümlətanı bircə otaqları var idi. Gecələr Tural dərs oxuduğundan anası işıqda yata bilmirdi. Buna görə də fanerlə otağı ikiyə bölməyə məcbur olmuşdular), hiss etmişdi ki, nə münasibətləsə evə çoxlu adam toplaşıb. Tural səslərindən tanıdı onları. Xeyransa xalası, Dürnisə bibisi, anası, bir də əmisi idi. İstədi durub keçə onların yanına, fikirləşdi ki, lazım olsa özləri çağırarlar, bəlkə vacib söhbətləri var, o heç biləsi deyil. Əmisinin səsi gəldi:

– Burda heç kəs yoxdur, özümüzük. Sizi bir məsələ üçün yığmışam. Fikrim var, gədənin başın yığaq bir yerə. Atalar deyib ki, tez oyananla, tez evlənən uduzmaz.

Anası dedi:

– Bıy, ay Cəlil, tifilin nə vədəsidir evlənsin?

Əmisi səsini qaldırdı:

– Necə yəni nə vədəsidir? Bu gün-sabah iyirmi yaşını haxlıyır. Bilsəm ki, ali məktəbə girə biləcək, bu Cəlili qəbrə qoyasınız, borc-xərc eləyib uşağı yola salaram Bakıya. Amma, bilirəm ki, havayı xərcdir.

Anası cavabında dedi:

– Nə bilim, vallah, Cəlil qardaş, sən bilən məsləhətdir. Onun kimi var səndən qeyri?

Yenə əmisinin səsi gəldi:

– Hə, indi fikirləşin görək gədəyə kimin qızını alsaq yaxşıdır. Bilirəm ki, mənim elçimi heç kəs qapısından qaytarmaz. Allah saxlasın, uşağın özü də ağıllı baladır. Məktəbdə ad çıxarıb, özü də boydan-buxundan atasına çəkib, şaqqalıdır. Kim verməz ona qızını?

Xeyransa xalasının səsi gəldi:

– Deyirəm bəlkə briqadir Qulamın qızını alaq, qızın özü gözəl, xasiyyəti ipək kimi, atası da kənd arasında sayılan.

Turalın ürəyi sancdı. «Əcəb də xasiyyəti ipək kimidir. Xəbərçinin, ətiacının birisidir. Məktəbdə adam qalmadı biri-birinə calamaya». Dürnisə bibisi Xeyransa xalasının ağzından vurdu:

– Sən də qız tapdın tərifləməyə. Nə olsun ki, atası varlı-hallıdır. Bəs anası? Çənkinin, həyasızın biri! Ayağı da sürüşkən…

Xalanın təklifi keçmədi. Turalın ürəyi bir balaca sakit oldu.

– Dürnisə, bəs sən kimi məsləhət görürsən? – Əmisinin səsi gəldi. Araya sükut çökdü.

– Deyirəm bəlkə hesabdar Qənbərin qızına elçi düşək.

Turalın ürəyi yenə başladı atlı kimi çapmağa.

Əmisi qəti etiraz elədi:

– At o yana, sən canın! Onu görəndə, elə bil, ilan görürəm. Nə olsun ki, lotereyası «Volqa» udub? Minib maşına camaata yanıq verir, yolda-irizdə adamın yanından elə keçir ki, nə bilim vallah, elə bil alçaq dağları bu yaradıb.

Bəli, bu namizəd də keçmədi.

Tural bir istədi qalxsın ayağa, keçsin yanlarına, ağzından çıxanı desin onlara. Desin ki, ay qocalar, hansı dövrdə yaşayırsınız? Qızı alan sizsiniz, ya mən? Bir də, qəribədir ki, ona qız yox, qayınata, qayınana almaq istəyirdilər. Nə isə, özünü saxladı. Doğrusu həm utanırdı, həm də əmisindən qorxurdu. Bilirdi ki, atası tutulub gedəndən sonra əmisi əsl atalıq eləmişdi ona. Qoymamışdı bir şeydən korluq çəksin. Camaatın uşaqlarının əyin üç ildə bir dəfə təzə paltar görmədiyi halda onun kostyumu hər il təzələnirdi. Həm də fikirləşdi ki, əmisi onun yaxşılığına çalışır. İstəyir ki, erkən evlənsin, ev-eşik yiyəsi olsun…

Yenə əmisinin səsi gəldi:

– Görək oğul anasının fikri necədir?

Anadan səs çıxmadı. Turalın imkanı olsaydı, qonşudan da iki qulaq borc alardı ki, hər sözü, hər səsi eşitsin.

Əmi təkid elədi:

– Niyə dinmirsən, oğul anası?

– Nə deyim, vallah. Deyirəm əgər məsləhətdirsə, bir gədənin özünün də ağzını arayaq.

Elə bil Turalın yanan ürəyinə sərin su çilədilər. «Qurban olum anama! Yaxşı arvaddır, vallah». Heç kəs dinmədi. Arvadlar hesabı içəri verdilər. Yenə Cəlilin səsi gəldi:

– Özündən soruşaq, deyirsən?

– Hə də, özündən. Görək bu saqqalı ağarmışın könlündən kim keçir.

Görünür ana qaynının səsindəki gileyi hiss eləməmişdi. Yenə araya sükut çökdü. İş düzəldiyi yerdə, məsələ yoluna qoyulduğu yerdə Dürnisə qarışdırdı aləmi.

– Bilirsən nə var, elti? – dedi. – İndiki cavanlarda baş var bəyəm, ağıl-kamal var bəyəm, soruşasan onlardan?

Anasının gileyli səsi Turalı mütəəssir elədi.

– Niyə elə deyirsən, Dürnisə, ürəyimə toxunur axı.

– Toxunub eləməsin. Bilirsən ki, mən qırmızı adamam, sözü adamın şax gözünün içinə deyərəm. Beşatılan kimi sıxaram ürəyinin başına. İnciyər, gedib su içər, allaha şükür, artezian uzaqda deyil.

– Sözlü adama oxşayırsan, Dürnisə.

– Sözlü deyəndə ki, ay Cəlil qardaş, madam bizi adam hesab eləyib, ağbirçək hesab eləyib məsləhətə çağırmısan, gərək biz də açaq sandığı, tökək pambığı, elə deyil?

Turalın ürəyi yenə başladı titrəməyə: «Nə sandıq, nə pambıq, bu arvad dəli olub, nədir?»

Bəli, açıldı Dürnisə bibinin kül ağzı.

– Atalar deyib ölünü öz xoşuna qoysan, kəfənini o söz… Heç bilirsən oğlunun ürəyindən kim keçir, gözaltısı kimdir?

Ana gileyli-gileyli:

– Deyərsən, bilərik, – dedi.

– Özünü tülkülüyə vurma, sən canın. Sən elə çoxdanın saman altdan su axıdanısan. Doğrudan bilmirsən? Sən Salehin didərgin canı, bilmirsən?

Ana and içdi, aman elədi ki, heç nədən xəbəri yoxdur.

– Elə isə, bil. Oğlun Gülbutanı gözaltılayıb. Məktəb uşaqları danışırlar ki, lap Leyli-Məcnunu da vurub keçiblər. Dünən də kövşəndə bir yerdə görüblər onları.

Tural yerindən dik atılıb qulağını taxta arakəsməyə dirədi. Bu dəqiqə anasının bir kəlmə sözü məsələni birkərəmlik həll etməli idi. Ya hə, ya yox… Tural Gülbutanın xətrinə hamıdan, bütün qohum-əqrəbadan üz döndərə bilərdi, amma anasının sözünü yerə salmağa iqtidarı çatmazdı. Saçının birini ağ, birini qara hörüb onu atasız böyüdən anasının.

Ana and içib aman elədi ki, xəbəri yoxdur bu məsələdən. Sonra da astadan əlavə elədi ki, Gülbuta heç pis bala deyil, suyuşirin, istiqanlı uşaqdır.

Cəlil od düşmüş pambıq tayası kimi içindən gorul-gorul odlandı və partladı:

– Hansı Gülbutadır, ey, bu? Çəkməçi Qaranın nəvəsi, naxırçı Söynalının qızı?

– Hə, özüdür ki, var, arığın, çəlimsizin biridir, üfürsən yıxılar.

Dürnisə bibinin bu atmacasından sonra Cəlil daha da qızışdı. Elə bil od üstünə yağ tökdülər. Qalxdı ayağa:

– Day mənim sözüm yoxdu sizə! Vallah, billah, o çırağa kor baxım ki, dəli olmusunuz. Oğlun da dəli olub, sənin də ağlın çaşıb. İndi də çoban Söynalının küçüyünü gətirib oturdacayıq süfrəmizin başında?! Hayıf sənin zənninə, Cəlil! Hayıf sənin əziyyətinə! Özün bilərsən, bacı, day mən sizin işinizə qətiyyən qarışmaram. Amma qulağından pambığı çıxart, yaxşı eşit. Gülbutadır, Gülqönçədir, nədir, əgər onun ayağı bu evə dəysə, dağıdaram dünyanı, yandıraram bu xarabanı!

Anasının qəhərli səsi Turalın ürəyinə od saldı:

– Niyə elə deyirsən, Cəlil qardaş? Elə demə, sən allah. Biz nə vaxt sənin sözündən çıxmışıq ki, indi də çıxaq?

– Özünüz bilin! Qalxın, getdik!

Qapı qeyzlə açılıb çırpıldı. Ayaq səsləri uzaqlaşdı…

Tural yatağından dik atıldı. Şalvarını tələsik ayağına çəkdi. Hirs onu boğurdu. Az qala bütün ədəb-ərkan qaydalarını pozacaq, böyük-kiçik bilməyəcəkdi, ağzından çıxanı əmisinə deyəcəkdi. Deyəcəkdi ki, bizə bir parça çörək vermisən deyin, gərək sənə qul olaq? Gərək, sən necə çaldın, biz də elə oynayaq? Nə olar ki, əmisən, üstümüzdə haqq-sayın var, amma biz sənin əlibağlı qulun deyilik! Əmisən, öz yerini bil! Böyüksən, böyüklük elə bizə!

Anasının zümzüməsini eşidib duruxdu. Oxşaya-oxşaya ağlamaq onun xasiyyəti idi. İstədi anasının yanına keçib könlünü alsın. Fikirləşdi ki, lazım deyil. Bəlkə anası bu söhbəti ondan gizlədəcək, bəlkə məsələni açıb-ağartmasa yaxşıdır. Yenə qayıdıb yerinə girdi. İstidən od tutub yansa da yorğanı üstünə çəkdi…

Bir az sonra qapı açıldı. Anası idi, gəlib düz başının üstə dayandı. Əyilib onu yorğan qarışıq qucaqladı. İsti göz yaşları Turalın üzünü islatdı. O, qollarını açıb anasını bağrına basdı.

– Hamısını eşitdim ana, – dedi, – hamısını… Bu əmim niyə belə eləyir? Ona nə olub, görəsən?

Anası birbaşa mətləb üstə gəldi:

– Əmiyin qarnının dərdi var, oğlum. Görürəm ki, elə hey «mus-mus» deyir. Mən biləni sözünün Mustafası budur ki, qızını calamaq istəyir sənə!

– Sarıteli? – deyə Tural təəccüblə soruşdu. – Ola bilməz! Sən bunu hardan bildin, axı?

– Söz burda qalsın, oğlum. Bir ay bundan əvvəl əmiyin arvadı mənə elə-belə, sözarası demişdi. Görünür ağzımı aramaq istəyirmiş.

Tural hövsələsizlik elədi:

– Bəs sən nə dedin ona? Ağzından vura bilmirdin?

– Dedim ki, nə deyim, vallah. Oğlan da bizim, qız da bizim. Özləri bilərlər, ulduzlarını allah barışdırsın. Axşamkı məsləhətin də mətləbi bu idi ki, görsün məndən bir söz ala bilərmi. Əmiyin köylündən keçən bu idi ki, məndən fikrimi soruşanda deyim: «Niyə dağa-daşa düşürük, allaha şükür, özümüzün qızımıza nə gəlib?» Mən də bunu necə deyəydim? Demədim, ona görə də əminin qəzəbi tutdu… Elə bircə çolağımız əskikmiş…

Anasının sözləri Turalın qəlbinə toxundu:

– Elə demə, ana, Sarıtel yaxşı qızdır, – dedi. – Çolaqlığı da ondan asılı deyil…

Söhbət elə buradaca kəsildi. Tural Sarıteli xatırladı. Onun həmişə kədərli, gileyli bənövşəyi gözləri, xurmayı saçları, kəpənəyi xatırladan sarımtıl donu, gülümsəyərkən sol yanağında yaranan qəribə zənəxdan gözləri önündə canlandı.

Həmişə olduğu kimi yenə də qızın suallı baxışları ondan soruşdu:

– Nədir mənim günahım? Axı mən nə üçün anadan gərək belə doğulaydım! Bütöv bir ömrü belə əzab içərisində yaşamaqdansa, əzəldən heç dünyaya gəlməsəydim, yaxşı olmazdımı, qaqaş?

– Elə demə, Sarıtel! Allaha şükür, sənə nə olub ki? Gözəl-göyçək qızsan. Heç bilirsən mən səni necə də çox istəyirəm?

Sarıtel doğma bacı ərki ilə Turala sığınaraq deyirdi:

– Mənim ağıllı qaqaşım. Nə yaxşı ki, həyatda sən varsan.

Tural cəmi 6 ay böyükdü ondan. Bir yüyrükdə yüyrünmüş, bir qabdan xörək yemiş, həyətdəki gül-çiçək arasında saatlarla evcik-evcik oynamış, bir-birinin əlindən tutub uşaq bağçasına, məktəbə getmişdilər. Bir sözlə, onlar qardaş-bacı kimi böyümüşdülər. «Görəsən bu səfeh fikir haradan gəlib əmimin beyninə düşüb?» Tural xeyli götür-qoydan sonra anasına qəti sözünü dedi:

– Əmimə deynən bu mətləbsiz söhbəti bir də dilinə gətirməsin. Sarıtel mənim bacımdır!

– Mən necə deyim, oğlum? Əmiyin xasiyyətinin necə tünd olduğunu yaxşı bilirsən. Bir də mənə nə düşüb ki, «qarğa, məndə qoz var» bağıram? Əmin söhbəti nə vaxt açıb-ağardar, mən də fikrimi deyərəm.

– Yaxşı, ana, demirsən demə! Amma onu bil ki, mən bu söhbətdən sonra kənddə qətiyyən qala bilmərəm! Gedəcəm oxumağa. Girdim – girdim, girmədim – işə düzələrəm. Bilirəm sənə çətin olacaq. Amma başqa çarə yoxdur, gərək dözəsən. Sən onsuz da əzab çəkməyə öyrənibsən. Fikrim vardı, bir-iki il kolxozda işləyim, bir balaca xərclik düzəldim, sonra da gedim oxumağa. İndi görürəm, mümkün deyil, gərək çıxam kənddən.

Anası onun boynunu qucaqlayıb kövrəldi.

– Get, oğlum, get! – dedi. – Allah muradına çatdırsın səni, işini avand eləsin. Düzdür, deyirlər instituta girmək müşkül məsələdir. Gərək arxanda böyük adamın ola, kirri pulun ola… Amma, day neynəmək olar, indi ki, bu fikrə düşübsən, get.

Tural anasına ürək-dirək verdi:

– Mən də eşitmişəm bu sözləri, ana, – dedi, – amma başıma batmır. Mən bilikli olandan sonra, biletimə düşən suallara cavab verəndən sonra kim kəsə bilər məni?

– Təki sən deyən olsun, oğlum.

– İşə düzələcəm, oxuya-oxuya işləyəcəm. Hər ay sənə xərclik də göndərəcəm… Amma səndən bir xahişim var. Əmim sənə pul versə, götürmə.

– Oğlum, inanmıram bu pəstəhadan sonra əmin bizə yaxın dursun, işdi, dursa da bir qara qəpik də almaram ondan, – anası onun saçını sığallayıb başını sinəsinə sıxdı. – Oğlum, day keçib, – dedi, – açılışmışıq. Gülbuta söhbəti səhihdi, ya elə-belə, ara sözüdür?

– Nə bilim, ana… Pis qızdır, səncə?

– Ona pis deyənin ağzına daş yamansın! Niyə pis olur, gül kimi baladır… Bəs, axı, beş il oxuyası olsan…

Ana sözünün dalını gətirmədi. Mətləbini Tural özü tamamladı:

– İstəyər gözləyər, istəməz özü bilər…

Bütün bunları yadına salan Turalın xəyalı yenə gəlib Gülbutanın üstündə dayandı. Öz-özünə: «Məni bağışla, Gülbuta, bu əhvalatı sənə danışa bilməzdim, axı, könlünə toxunardım sənin…» dedi.

– Yanınızda əyləşmək olar?

Tural xəyaldan ayrıldı. Gülbutanın saçlarını xatırladan söyüd saçaqlarını hələ də əlindən buraxmamışdı.

– Niyə olmur, yer mənim ha deyil.

– Dedim bəlkə cavan oğlansan, adamın-zadın…

Tural bir qoca qarıya, bir də onun qucağındakı qırmızı bantlı, pırpız tüklü qara küçüyə baxdı. Əzizi kimi necə də basmışdı bağrına küçüyü, necə də oxşayırdı onu.

Tural acı-acı gülümsəyib ayağa qalxdı. «Yəqin evdə çarpayıda yatırır bunu. Mənimsə gecələməyə yerim yoxdur. Doğrudan, neyləyəcəyəm? Artıq, toran qovuşur, bir azdan qaranlıq düşəcək, hara gedim, kimin qapısını döyüm?..»

Fikirli-fikirli irəliləyən, ürəyində aranı dağa, dağı arana daşıyan Tural bir də gördü ki, alma, armud, ərik, gilənar ağacları olan bir bağdadır. Qəribə idi. Bakıda, özü də dənizin lap sahilində meyvə bağı?! Bəs deyirdilər, Bakıda meyvə ağacı bitmir? Əhsən bunun bağbanına, baş varmış kişidə! Yenə kəndləri yadına düşdü Turalın. Həyətlərindəki meyvə ağaclarının altındakı talvarda yatdığı gecələr yadına düşdü. Birdən o, çıxış yolu tapıbmış kimi gülümsədi: «Talvar olmasın, skamya olsun, yeməyəcəklər ki, məni. Cibimdə də cəmi-cümlətanı otuzca manat pulum var. Əynimdəki teniska ilə şalvarı pulsuz da versəm, heç kəs götürməz. Yatacağam burda. Amma qoy əl-ayaq çəkilsin sonra…»

Tural içində kitab-dəftər olan tor zənbili başının altına qoyub uzandı və tezcə də yuxuya getdi. Şirin-şirin elə yatdı ki, sanasan qu tükündən olan yorğan-döşəkdədir. Gecənin bir aləmi hiss elədi ki, onu silkələyib oyadırlar. Gözlərini yumruğu ilə ovxalayıb açdı. Qarşısında iki nəfər milis işçisi dayanmışdı. Biri serjant idi, o birisi leytenant. Serjant soruşdu:

– Vətəndaş, gecənin bu vədəsi burada niyə yatmısınız? Tural suala sualla cavab verdi:

– Olmaz yatmaq?

– Əlbəttə, olmaz! Bura mehmanxanadır, yoxsa vağzaldır səninçün?

Leytenant söhbətə qarışdı:

– Yəqin sərxoşdur, götürək ayıltma məntəqəsinə!

Tural özünü itirdi. Bilmədi nə cavab versin. Hannan-hana dilləndi:

– Yanılırsınız, yoldaş, ömrümdə dilimə içki dəyməyib. Serjant oğlanın bu sözlərindən sonra da burnunu onun ağzına tərəf tutdu. Turalı turşumuş şərab iyi vurdu.

– Yox, içməyib.

Leytenant əlavə elədi:

– Bax gör torbasındakı nədir?

Tural titrək səslə izahat verdi:

– Kitab-dəftərdir. İmtahana gəlmişəm. Skamyada oturub dənizə tamaşa eləyirdim, heç bilmirəm nə vaxt yuxu tutub məni.

– Qalmağa yerin yoxdur?

Tural dinmədi.

– Qohumdan-əqrəbadan kimin var şəhərdə?

– Heç kimim yoxdur.

Leytenant mütəəssir oldu.

– Hər halda, bulvarda yatmaq olmaz. Hər cür hadisə baş verə bilər.

– Bəs neyniyim? – deyə Tural səmimiyyətlə leytenanta baxdı. – Mehmanxanalarda yer vermədilər, qohum-əqrəbam yox, pənah gətirdim bu meyvə ağaclarına. Elə bildim öz bağımızdır. Burda da yatmağa siz qoymursunuz. Bəs neyniyim?

– Get vağzala! – deyə serjant məsləhət gördü. – Səhərəcən biri girir, biri çıxır. Yola salan kim, qarşılayan kim, bilet növbəsində dayanan kim… Heç olmasa adam arasında olarsan, yoxsa burda tək-tənha yatmaq olmaz. Bir hadisə olar, sonra di gəl cavab ver.

– Vağzala necə gedim burdan?

– Çox sadəcə. Duz sallanarsan üzü aşağı. Hökumət evinin yanından burularsan sola, bir az da gedib çatarsan vağzala.

– Çox sağ olun, – deyə Tural milis işçilərinə razılığını bildirdi. – İcazə olar, gedim?

– Olar!




VAĞZALDA HADİSƏ


Gecə yarıdan keçməsinə baxmayaraq vağzal tünlük idi. İçəri girən kimi onu sirkə-sarımsaq qoxulu, spirtli, tər iyli boğanaq vurdu. Dəniz sahilinin təmiz havasından sonra vağzalın ağır havası dərhal özünü göstərdi. Turalın nəfəsi tıncıxır, başı gicəllənirdi. Perrona çıxdı. Burada da hava o qədər təmiz deyildi. Adamlar boyunlarının tərini silə-silə, üz-gözlərini dəsmalla, qəzetlə yelləyə-yelləyə gəzişirdilər. Dəqiqələr keçdikcə adamlar seyrəlirdi. Tural hiss etdi ki, göz qapaqları sözünə baxmır, asta-asta yumulur. Yatmaq lazım idi. Harada olsa, necə olsa gözünün acısını almalı idi. Dəyən, toxunan olmasaydı o, elə buradaca, perronun asfalt döşəməsi üstünə uzanıb şirin-şirin yatardı.

İçəri keçdi. Hava daha da ağırlaşmışdı. Skamyalardan birində iki cavan mürgü döyürdü. Oğlan başını qızın çiyninə qoyub məzələnirdi. Tural onların yanında özünə yer elədi. Kitab-dəftər dolu zənbilini başının altına qoyub uzandı. Uzanmağı ilə də yuxulamağı bir oldu. Səhərin alatoranında parovoz fitindən oyandı. Qalxdı. Gərnəşdi. Ürəyindən keçdi ki, bir çayxana olsaydı, bir-iki stəkan çay içərdi, lap çayını şirin eləyib pendir-çörəklə vurardı bədənə. Əlini sağ cibinə atdı. Pulu yox idi, sol cibinə atdı, o da tərtəmiz idi. Deməli, pulunu cibindən çıxarmışdılar. Ora-bura döyükdü. Onunla bir skamyada oturmuş oğlanla qızı axtardı. Oğlan hardaydı, qız nə gəzirdi? Tural gücü gəldikcə bağırdı:

– Aparıblar! Aparıblar!

Yuxulu adamlar diksinib ayıldılar, özünü dəli kimi ora-bura vuran oğlana baxıb soruşdular:

– Nəyi aparıblar?

– Kimi aparıblar?

Suallar hər tərəfdən dolu kimi Turalın üstünə yağdı.

– Pulumu, 30 manat pulumu!

Haraya milis işçisi gəldi. Təskinlikverici elə bir söz demədi:

– Axşamüstü bir bizə dəyərsən, oğrunu tapsaq, pulunu qaytararıq.

Tural ürəyində: «Ay tapdınız, ha! – deyərək özünü danladı. – Görək elə mütləq yataydım? Bir gecəni yuxusuz qalsaydım, ölərdim?»

Nə etməli? Tanış yox, qohum yox, ümid yeri yox. Elə bu zaman qatar silkələnib dayandı. Sərnişinlərdən bəziləri kupelərin pəncərələrindən başlarını çıxarıb:

– Yükdaşıyan! Yükdaşıyan! – deyə harayladılar.

Tural gözlərində iri, yaşıl gün eynəyi olan, pəncərədən boylanıb yükdaşıyan çağıran qıza yaxınlaşdı. Yalvarırmış kimi dedi:

– Bacı, olar mən gəlim?

– Əlbəttə, olar, buyur, tez elə! Qalx yuxarı!

Tural vaqondan düşənlərə toxuna-toxuna içəri girdi. Qız onu kupenin ağzında qarşıladı.

– Gəl, gəl bura. Götür bunları.

Tural iki iri çamadanı güclə qaldırdı, çamadanlar zindan kimi ağır idi, elə bil içinə daş doldurmuşdular. Eynəkli qız yaşlı kişiyə dedi:

– Ata, maşın açıqdır, sən bu oğlanla get, çamadanları qoyub qayıtsın.

Alçaqboylu, üz-gözündən nur yağan, ağ, qıvrım saçları çiyninə dağılmış kişi eynəyini gözündən çıxarıb Hovxurdu, sildi, yenə gözünə taxıb, çəliyini götürüb, qabağa düşdü.

– Oğlum, gəl dalımca.

Kişi qara «Volqa»nın yük yerini açdı. Tural ehmalca çamadanları yerbəyer eləyib geri qayıtdı. Yenə iki ağır çamadan götürməli oldu. «Zalımın balası gör nə qədər şey alıb», – deyə ürəyində deyindi.

Tural qıza müraciətlə çəkinə-çəkinə dedi:

– Bacı, zəhmət olmasa o zənbili də keçirin boynuma, kitablarımdır.

– Eybi yoxdur, onu da mən götürərəm.

Oğlanın uzun qollarının gərildiyini, üz əzələlərinin titrədiyini görən qız:

– Ağırdır, hə? – deyə soruşdu.

Tural özünü sındırmadı:

– Yox, o qədər də yox, – deyə qıza baxıb zorla gülümsədi.

Tural yalnız indi gördü ki, qız əyninə şalvar geyib.

Özü də deyəsən xaricidir. Arxa tərəfdən yambızının üstünə «Levis» yazılmış cins şalvar qızın onsuz da yaraşıqlı bədənini daha da gözəl göstərirdi. Köynəyi də qəribə idi qızın. Üstündə latın hərfləri ilə yazılar, şəkillər vardı: ağaclar, adamlar, qayıqlar… Kəsəsi, bir cüt göz gərəkdi bu qızın özünə, paltarına tamaşa eləsin.

Tural qızın ardınca ayaqları dolaşa-dolaşa irəliləyir, gözlərini onun qeyri-adi paltarından, ahəngdar yerişindən çəkmirdi. Çamadanların ağırlığı unudulmuşdu. Elə bil qız Turalı yedəyə götürmüşdü. Tural bu yedəkdə özünü çox rahat hiss edir, sanki yerimir, bir qov kimi qızın arxasınca uçurdu. «Gör zalım qızına necə yaraşır bu paltar. Necə kip tutub bədənini. Dağdan yumalasan da kol-kosa ilişəsi heç nəyi yoxdur. Görəsən Gülbuta belə geyinsə necə görünər?» Yükün ağırlığı altında Turalın dodağı qaçdı. Elə o dəmdəcə özünü danladı: «Deyirəm adam nə qədər arsız olarmış. Cibimdə bir qəpik pulum yox, vağzalda hamballıq eləyirəm, harada qalacağımı, nə yeyib-içəcəyimi, sabahkı günümün necə olacağını bilmirəm, başlamışam qızın şalvarına tamaşa eləməyə».

Tural ayıldı. Yalnız indi hiss etdi ki, üz-gözündən tər süzələnir. Teniskasının kürəyi su içindədir. Sinəsi dəmirçi kürəsi kimi qalxıb yenir. Daha neynəmək olardı? «Çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu!»

Tural güclə özünü maşına yetirdi. Ağsaç kişi gülümsər baxışlarla ona təşəkkür elədi, əlini cibinə atdı ki, pul versin, Tural qeyri-iradi dilləndi:

– Lazım deyil, əmi. Mən elə-belə…

Kişi eynəyini gözündən götürüb təəccüblə, qan-tər içində olan oğlana baxdı.

– Sən nə danışırsan, oğlum?..

Qız da oğlana müraciətlə:

– Vaxtın varsa, bizimlə gedək, – dedi. – Çamadanları beşinci mərtəbəyə qaldırmaq lazımdır.

Qızın sözləri ağsaç kişinin də ürəyindən oldu.

– Doğrudan ey, bu zindanları kim qaldıracaqdı yuxarı?

Əlbəttə, Turalın fikri başqaydı. Heç olmazsa 3–4 adama kömək eləmək istəyirdi ki, cibində beş-altı manat pulu olsun. Amma qızın sözündən çıxa bilmədi:

– Nə deyirəm, əgər lazımsa gedərəm, – dedi.

Ağsaç kişi sevinclə:

– Mən də indidən sənə təşəkkür edirəm, – dedi.

Qız sükanın arxasına keçdi. Kişi onun yanında əyləşdi. Turalsa arxada, sonra gətirdiyi çamadanların yanında özünə yer elədi. Qız soruşdu:

– Necə getdi işlərin, ata?

– Lap əla! Əsərimi demək olar ki, tamamladım. Moskvalı kolleqalarım tezislərimi yamanca bəyəndilər.

– Təbrik eləyirəm səni. ata!

– Çox sağ ol, qızım. Bir de görüm sənin işlərin necədir? Anan nə təhərdir, xəstələnib eləmir ki?

– Lap yaxşıdır anam. Elə hey sənin nigarançılığını çəkir. «Görəsən nə yedi, necə yatdı?..» Özümün də işlərim pis deyil. Radioda təzə mahnılarıma qulaq asdılar. 5 mahnımdan dördü bir səslə keçdi. Beşincinin də üstündə üç-dörd günlük işim vardı. İndi o da hazırdır. Sabah aparıb təhvil verəcəyəm.

– Çox yaxşı. Sevindirdin məni, qızım. Nə vaxt eşidirik mahnılarını?

– On-on beş günə yəqin eşidərik. Vaxtını hələ deməyiblər. Yəqin radioproqramda verərlər.

Qız maşını ustalıqla idarə eləyirdi. Adamların, maşınların arasından elə məharətlə şütüyüb keçirdi ki… Turalın maşından az-maz başı çıxırdı. Başı çıxırdı deyəndə ki, sürə bilirdi maşını. Məktəbdə öyrətmişdilər. Düzdür, yüngül maşın sürməmişdi. Bir neçə dəfə ona məktəbin sınıq-salxaq yük maşınını rayon mərkəzinədək sürmək qismət olmuşdu…

«Volqa» geniş asfalt küçələrlə şütüyüb hey yuxarı qalxırdı. Nəhəng heykəlin başına fırlanıb (Nərimanovun heykəli idi. Tural heykəlin şəklini kitabda görmüşdü.) uzun, beşmərtəbəli binanın həyətində dayandı. Düşdülər. Tural əvvəlcə maşının içindəki çamadanları götürdü. Hıqqana-hıqqana, qan-tər içində özünü beşinci mərtəbəyə çatdırıb çamadanları yerə qoydu. Yalnız indi başını qaldırıb nəfəsini dərdi. Cibindəki tər qoxulu, əzik-üzük dəsmalla boynunu, üzünü sildi. Qapının üstündə kiçik şüşə lövhədə yazılmışdı: «Professor Qaraxanlı».

Tural ürəyində dolandırdı: «Bəlkə, bizim kimya kitabımızı yazandır?» Nəfəsini dərib qızdan soruşdu:

– Kimyaçıdır atanız?

– Elədir. Bəs sən bunu haradan bildin?

– Bizim kimya kitabının üstündə adı olandır, görəsən? Hə, yaxşı tapmısan, özüdür ki, var.

Qapını ağ saçları səliqə ilə daranmış, əynində önlük olan nurani bir qadın açdı.

Tural çamadanları götürüb içəri apardı, qapının ağzına qoyub cəld də geri qayıtdı. Bu dəfə o biri çamadanları götürüb, heydən düşmüş, nəfəsi tıncıxmış halda beş mərtəbəni ikinci dəfə qalxdı. Onu tər yuyub aparırdı. Güclü əzələləri aşkar görünən qolu işıldayırdı. Qadın oğlanın vəziyyətinə acıyıb dil-ağız elədi:

– Yazıq uşaq əldən düşdü ki… Keç oğlum, keç içəri, bir hovur əyləş, nəfəsini dər.

Tural parıldayan parketə gözucu nəzər salıb:

– Çox sağ olun, xala, – dedi, – tələsik işim var, gərək gedəm.

Qadın əl-ayağa düşdü:

– Nə danışırsan, oğlum, elə şey olar? Qaraxanlının kandarına ayaq basasan, bir stəkan çay içməyəsən, bir tikə çörək kəsməyəsən?

– İsmət xanım düz deyir. Heç elə söhbət yoxdur. Bir stəkan çay içməsən, səni evdən buraxan deyilik. – Professor da arvadına havadar çıxdı. Qız da bir tərəfdən təkid etdi:

– Keç əyləş!

Tural gördü ki, ev sahibləri onu elə-belə, «xalaxətrin qalmasın» deyil, ürəkdən səhər yeməyinə dəvət eləyirlər. Düşündü ki, onların bu səmimi təklifini yerə salmaqla xətirlərinə dəyə bilər, öz mədəniyyətsizliyini, qanacaqsızlığını göstərər. Düzdür, Turalın ürəyindən keçirdi ki, professor ona üçdən-beşdən verər, o da çayxanaların birində sərbəst, minnətsiz əyləşib şirin-şirin salma çayla pendir-çörək yeyərdi. Day neyləmək olardı? Tural ev sahiblərinin mehribanlığından mütəəssir halda ayaqqabılarını çıxarıb otağa keçmək istədi. Arvad qoymadı:

– Onsuz da yır-yığış eləməliyik. Çıxartma, keç içəri!

Tural gözünün ucu ilə parıldayan parket döşəməyə bir də baxdı. Qərib dayısıgilin evindəki əhvalat yadına düşdü, qanı qaraldı:

– Yox, çıxartsam yaxşıdır.

– Lazım deyil, görmürsünüz otaqlar nə gündədir?..

Ananın və qızın təkidinə baxmayaraq Tural çəkmələrini çıxartdı. Doğrudan da heç insaf deyildi ki, toz-torpaqlı çəkmələrlə şüşə kimi parıldayan, güzgü kimi adamın şəkli düşən parketi çirkləndirəsən. Qız Turala üstü çəkili, çarığabənzər çust verdi:

– Bunları keçir ayağına.

Tural parketdə ayağı sürüşəcəyindən ehtiyat edib addımlarını ustufca ata-ata qızın göstərdiyi yerdə keçib əyləşdi. Narahat idi, elə bil tikan üstə oturmuşdu. Qız onun nimdaş paltarına, qayğılı görkəminə, ümidsizlik ifadələri aşkar sezilən gözlərinə baxıb soruşdu:

– Bəlkə əlini yumaq istəyirsən?

– Hə, pis olmaz, – deyə Tural astadan cavab verdi.

– Elə isə, gəl bura!

Qız ona hamamı göstərdi, təmiz məhrəba gətirib asdı.

– Bu da səninçün dəsmal!

Bəzən hədsiz qayğıdan da sıxılır adam. Turalın onsuz da pörtmüş üzü bir qədər də allandı: «Deyirəm, nə qəribə insanlar varmış dünyada. Özün professor olasan, ailən də bu qədər sadə, bu qədər qonaqpərəst». Vağzalda qızla ilk görüşü zamanı ürəyinə gələn fikirlərə görə Tural özünü danladı. Qızın qəribə eynəyi, cins şalvarı, sonra da maşın sürməsi onda belə təsəvvür yaratmışdı ki, yəqin ərköyünün, ədabazın, meşşanın biridir. Hətta bəzi xarici kinofilmlər yadına düşmüşdü. «Bircə siqareti çatmır, onu da fısqırtsa, tamam-dəsgah olar», – düşünmüşdü. – Yəqin ki, günortayacan yuxu bişirir, evdə əlini ağdan qaraya vurmur, gününü gəzintilərdə, rəqslərdə keçirir…»

Mətbəxdən qızın səsi gəldi:

– Ana, sən get əyləş, atamı da çağır süfrəyə, mən bu saat nə lazımsa, hazırlaram. Qayğanaq da bişirərəm, kotlet də salaram. Bir keç, bir keç içəri!

Ananın cavabını da Tural eşitdi:

– Yaxşı, qızım, nə deyirəm. Elə isə bir az əlli tərpən. Bəlkə yazıq uşağın doğrudan da işi var, gedəcək kasıbçılığının dalısıyca.

– Sən narahat olma, keç içəri, mən bu saat!

Tural əl-üzünü səliqə ilə yudu, divardakı güzgüyə baxıb saçlarını daradı, yenə ehtiyatla keçib yemək süfrəsi arxasında əyləşdi. Süfrənin üstündə nələr yox idi? Pendir, yağ, qara dənəvər kürü… «Bunlar bəs deyilmiş kimi hələ bir qayğanaq da, kotlet də bişirmək istəyirlər… Eh, özləri bilər, bəlkə səhər-səhər çox yeyirlər ki, axşamacan acmasınlar. Bəlkə elə bilirlər mən aclıqdan çıxmışam…»

Professor paltarını dəyişib süfrə başına gəldi, Turalla üzbəüz əyləşdi. Bir azdan İsmət xanım da gəldi. Ülviyyə bişirdiyi xörəkləri stolun üstünə səliqə ilə düzəndən sonra mətbəxə keçərək müşənbə önlüyünü çıxardıb qayıtdı.

– Hə, indi başlaya bilərik, – deyə professor əlini çörək qıçasına uzatdı. Turalın sıxıldığını görüb əlavə elədi: – Sən də utanma, oğlum, elə bil öz evinizdir.

Tural əvvəlcə bir stəkan şirin çayla pendir-çörək yeyib çəkilmək istədi. Hər tərəfdən düşdülər onun üstünə. Ana onu qınadı:

– Cavan oğlansan, belə də yemək olar?

Professor əlavə elədi:

– Mən sən yaşda olanda Göy-göldə üç yoldaşımla bir quzunu yemişəm.

Ülviyyə qara kürü ilə yağ yaxdığı yaxmacı ona tərəf uzatdı.

– Bunu səninçün düzəltmişəm, yeməlisən mütləq.

Tural ürəyində dolandırdı. «Nə mehriban insanlardır… O dayım arvadının qanacağı, bu da bunların…»

– Yaxşı, oğlum, görürəm kənd uşağına oxşayırsan. Bəs vağzalda nə əcəb? Niyə bir yerdə – zavodda, fabrikdə işə düzəlmirsən?

– Professor, müəllim, – deyə Tural ürəyini açdı. – Oxumağa gəlmişəm. Mehmanxanada yer vermədilər. Gəlib vağzalda yatdım. Səhər durub gördüm ki, pulumu cibimdən çıxarıblar. Bilmədim neyniyəm…

Professorun qanı qaraldı. Ana da, qız da mütəəssir oldular.

– Düzəlmir də bu camaat, – deyə professor gileyləndi. – Görüm ciyəri yansın sənin o pulunu çıxaranın, – ana əlavə elədi, – əlləri quruyub yanına düşəydi cibinə girən yerdə.

– Hansı instituta vermisən sənədlərini? – deyə qız soruşdu.

– Neft-kimya institutuna verəcəyəm bu gün.

– Hə, lap yaxşı. Attestat qiymətlərin necədir?

– İkicə dördüm var, qalanı beşdir.

Professor sevinclə bildirdi:

– Bərəkallah, oğlum, əhsən! Mən də teleqram almışam, imtahana çağırıblar. Nə bilmək olar, bəlkə elə kimyadan mən götürəcəm səndən imtahanı. Qətiyyən qorxub eləmə. Sözsüz girəcəksən. Bizdə sən deyən müsabiqə olmur. Lap hamısından kafi də alsan, keçərsən.

Elə bil dünyanı Turala bağışladılar. «Nə gözəl təsadüf» – deyə ürəyində dolandırdı.

– O ki, qaldı yer məsələsinə, bu saat zəng çalaram, sənə yer düzəldərlər, mənim aspirantım zavod direktorudur, elə bilirəm, sözümü yerə salmaz.

Professor qalxıb girəcəkdə, iri güzgünün qabağında qoyulmuş telefonun dəstəyini götürdü, nömrələri yığdı.

– Salam! Bəli, mənəm. Çox sağ olun, xoş gününüzə gəlmişəm… Niyə, pis olmadı… Səndən bir təvəqqəm var. Bir oğlan göndərirəm yanına, ağıllı uşaqdır, gərək yataqxanada ona yer düzəldəsən… Hə, imtahan verməyə gəlib bizim instituta. Çox sağ ol, təşəkkür edirəm.

Professor kiçik kağız parçasına nəsə yazıb Turala verdi:

– 5 nömrəli avtobusa minərsən, dayanacağı bizim evin qabağındadır, soruşarsan deyərlər. Avtobus zavodun lap yanında dayanır. İsmət xanım, – deyə arvadına müraciət elədi, – ordan 30 manat gətir ver bu oğlana. Heç adını da soruşmadım.

– Adım Turaldır!

– Tural, Tural… Qədim addır Tural, hansı əfsanəninsə qəhrəmanının adıdır. Sən də gərək bu adı doğruldasan.

– Professor, çoxdur, axı, o qədər pulu götürmərəm. 2-3 manat olsa bəsimdir. Anama tel vuraram, göndərər.

Professor üç onluğu Turalın qısaqol köynəyinin cibinə basdı.

– Mən bunu sənə borc verirəm. Beş manat sənin zəhməthaqqın, 25 manat isə borc, bildin? Nə vaxt işləyərsən, qazanarsan, onda gətirib verərsən, yaxşı? Özü də sərvaxt ol, yenə soyarlar səni.

İsmət xanım narazılıqla başını buladı:

– Kişi, o nə sözdür deyirsən?

– Ana, zarafat eləyir atam, – deyə Ülviyyə əlavə etdi.

Üçü də güldü. Turalın da tərli gözləri işıldadı, par-par yandı, pörtmüş üzü açıldı…




DAYISIZA BEŞ?


Tural avtobus dayanacağında sürücüdən professorun verdiyi ünvana necə getmək lazım olduğunu soruşdu. Sürücü maşını işə salıb:

– Əyləşin, – dedi, – elə bizim marşrutdu. Zavod Qaraşəhərdədir. Çatanda xəbər verərəm.

Avtobus düz zavodun qənşərində dayandı. Şofer qanrılıb Turala dedi:

– Cavan oğlan, çatdın!

Zavod direktorunun qəbul otağında çoxlu adam var idi. Divarın dibi ilə cərgələnən stullarda oturmuş adamlar bir-bir üstündə «Direktor» yazılmış qara meşin qapını açıb içəri keçir, beş-on dəqiqədən sonra çıxırdılar. Tural bütün bu adamları gözləsəydi, gərək axşamacan burada oturaydı

Utana-utana katibəyə yaxınlaşıb astadan:

– Bacı, – dedi, – məni professor göndərib.

Qız qarşısındakı kağıza baxıb soruşdu:

– Yoldaş Qaraxanlı?

– Bəli.

Qız stolun siyirməsindən bir zərf götürüb Turala verdi.

– Ünvan üstündə yazılıb. Məktubu komendanta verərsiniz.

Tural sevincək:

– Çox sağ olun bacı, – deyib otaqdan çıxar-çıxmaz ayaq saxlayıb əlavə elədi: – Direktor da sağ olsun!

Qız gülümsədi.

Tural yataqxanada yer alandan sonra möhkəmcə yuyunub yatdı. Səhər tezdən yataqxananın bufetinə düşüb çay içdi, sosiska yedi, sonra da sənədlərini götürüb instituta getdi. Qəbul komissiyasının otağı qarşısında o qədər tələbə var idi ki, heç deyiləsi deyildi. Növbə tutdu. Xeyli gözlədi. Növbəsi yetişəndə başını kiçik gözlükdən içəri salıb qovluğu qıza uzatdı. Qız diqqətlə hər bir sənədi gözdən keçirəndən sonra ona imtahan vərəqəsi verdi. Tural ürəkləndi:

– Bacı, olar sizdən bir söz soruşum?

– Niyə olmur, buyurun.

– Professor Qaraxanlı imtahan götürəcək?

Oğlanın bu qəribə sualından qızın xoşu gəlmədi. Acıqlı şəkildə dedi:

– Əvvəla, professor məzuniyyətdədir. İkincisi, mən nə bilim imtahan götürəcək, ya yox?

Tural bir az da irəli getdi:

– Məzuniyyətdən gəlib.

Qız bu dəfə qabardı:

– Yoldaş abituriyent, mane olmayın, görmürsünüz məni nə qədər adam gözləyir? Sənədlərinizi verdiniz, gedə bilərsiniz. Bir də məsləhət görmürəm belə yersiz sözlərinizlə kişini dilə-dişə salasınız.

Tural pərt oldu:

– Bağışlayın, bacı, çox sağ olun bacı, – deyib ürəyində özünü danlaya-danlaya küçəyə çıxdı.

Ancaq yenə başa düşmədi ki, onun qəbahəti nədir, qız niyə elə acıqlandı, professoru «dilə-dişə salmaq» nə deməkdir?

Küçə yaman bürkü idi. Asfalt döşəmə qızmışdı, ağır hava onu sıxır, nəfəsini tıncıxdırırdı. O, imtahan vərəqəsini kitabının arasına qoyub yataqxanaya yollandı. İmtahana hələ iki gün qalırdı. Kitablarını qabağına töküb mövzuları təkrarladı…

Axşamüstü hava bir qədər dəyişdi. Külək qalxdı. Dəlisov külək şəhərin üstündəki bürkünü qovur, ürəklərə sərinlik, yüngüllük gətirirdi.

Tural bir istədi, Qaraxanlıgilə getsin. İmtahan vərəqəsini göstərsin və desin ki, ilk imtahanı kimyadandır. Xahiş üçün yox, elə-belə təskinlik üçün, bir xoş, bir ümidlə söz üçün!..

Dağüstü küçəyə qalxdı. Tanış binanın pillələri qarşısında dayandı. Fikirləşdi. Qalxmağa üzü gəlmədi, ayaqları getmədi. Birdən professor deməzmi, nə sırtıq uşaqdır, hamballıq elədi, pulunu da artıqlaması ilə aldı. Üstəlik yataqxanada yer də düzəltdim. Day nə qəmiş olub yapışıb yaxamdan. İmtahan vərəqəsi verən. qızın sözləri yadına düşdü: «Professoru dilə-dişə salma». Qayıtdı. Gecədən xeyli keçənəcən oxudu, yaxşı bilmədiklərini dönə-dönə təkrarladı.

İmtahan günü tezdən institutun qapısını kəsdi. Qapı bağlı idi. Hələ heç kəsi içəri buraxmırdılar. Qapıda qollarına qırmızı sarğı bağlamış oğlanlar dayanmışdılar. Bəziləri onlara yaxınlaşır, ciblərindən nəsə çıxarıb göstərir, içəri keçirdilər. Tural öz aləmində düşündü ki, yəqin müəllimlərdir. Birdən institutun qabağında ona tanış olan «Volqa» dayandı. Professor maşından düşüb qapıya tərəf yeridi. Qapıda dayanmış oğlanlar onu görən kimi ehtiramla yana çəkildilər. Tural bir istədi özünü professorun üstünə atsın, cəsarət eləmədi. Dönüb maşına baxdı, maşındakı Ülviyyə idi. Onu gördü, maşından düşüb irəli gəldi, Tural da onun qarşısına yeridi.

– Salam, Tural!

– Salam.

– İmtahanın bu gündür?

– Bəli.

– Bəs niyə gəlib atama demədin?

Tural çiynini tulladı, gözlərini yerə dikdi.

– Nə bilim, utandım.

– Eybi yoxdur, hər şey yaxşı olar. Sənə müvəffəqiyyət arzulayıram.

– Çox sağ olun!

Maşın ağır-ağır aralandı. Ülviyyə ona əl elədi. Tural da əlini qaldırıb maşının arxasınca xeyli baxdı.

İmtahana gələnləri siyahı ilə içəri çağırırdılar. Yalan olmasın, imtahan verəndən üç dəfə çox azarkeş var idi, Atalar, analar, tanış-bilişlər… Dəstə-dəstə dayanıb imtahana girənə ürək-dirək verirdilər.

Birdən onun adını çağırdılar.

– Tural Qarabağlı.

Diksindi. Qeyri-iradi dönüb yan-yörəsinə baxdı. Tək idi, Anası yadına düşdü, səsi gəldi anasının qulaqlarına! «Get oğlum, allah kərimdir».

İmtahan otağında iki müəllim var idi. Biri cavan, digəri qoca. Birinin saçı gur, qapqara, şəvə kimi. O birinin isə başında bir dənə də tük yox idi. Elə bil, heç əvvəldən bu kişinin başında tük olmamışdı. Çox zəhmli görkəmi var idi.

– Buyurun, bilet çəkin!

Tural ürkək, həyəcanlı baxışlarla əvvəl zəhmli qocaya, sonra da stolun üstünə sərilmiş biletlərə baxdı. Ürəyindən kövrək bir inilti keçdi: «Qaraxanlı yoxdur. Gərək deyəydim. Gərək gedəydim».

Qocanın zəhmli səsi yenə eşidildi.

– Buyurun, sizi gözləyirik, yoldaş Qarabağlı. Deyəsən, qorxursunuz?

Tural:

– Nədən qorxacağam? – deyib cəsarətlə irəli gəldi.

Bununla belə yenə bilet götürəndə əli əsdi. Elə ayaqüstəcə biletə baxdı. Hamısı tanış suallar idi. Keçib əyləşdi. Sualları bir-bir ürəyində təkrarladı. Hamısını bilirdi. Ondan əvvəl bilet çəkən uşaqlar həyəcanla sağa-sola boylanır, yerlərində narahatlıqla qurcalanır, bağlı qapıya baxır, kimdənsə, nədənsə kömək gözləyirdilər.

Qoca saatına baxıb Turaldan əvvəl əyləşənlərə müraciətlə:

– Sizi gözləyirik, – dedi.

Onlar hər ikisi biletə baxıb gözlərini döydülər.

Tural ayağa qalxdı:

– Müəllim, olar cavab verim? – soruşdu.

Qoça eynəyini çıxarıb kiçik qonur gözlərini Turala zillədi. Elə bil, birdən-birə dəyişdi. Elə bil gülümsədi də:

– Tələsmə, oğlum, – dedi, – yaxşı-yaxşı fikirləş, sualların cavablarını səliqə ilə vərəqə yaz, şifahi olmaz.

Cavan müəllim əlavə elədi:

– Tələsən təndirə düşər, bala, bura orta məktəb deyil!

Tural pərt oldu. Ürəyində özünü danladı da; «Doğrudan, niyə tələsirəm, axı!?»

Sualların cavablarını yazdı. Düsturları açdı. Məsələni həll elədi. Yenə qocanın zəhmli səsi eşidildi:

– Day bu olmadı, bilmirsiniz, biletlərinizi qoyub çıxın! – Bu dəfə Turala müraciət elədi: – Hə, oğlan, hazırsınızsə, buyura bilərsiniz.

Tural cəsarətlə irəli yeridi. Suallarına bir-bir cavab verdi.

– Şifahidən pis deyilsən, indi keç yazı taxtasına.

Tural təbaşiri götürüb lövhəni ağartdı.

Cavan müəllim lövhəyə baxıb dedi:

– Professor, başı işləyir, deyirəm kafisini verək getsin.

Qoca etiraz etdi:

– Yox, tələsmə, əzizim, mənim fikrim başqadır. Buna əlavə bir-iki sual da vermək istəyirəm. Yaxın gəl, oğlum.

Tural gəlib düz zəhmli qocanın qarşısında dayandı. Onun suallarına əlüstü cavab verdi. Zəhmli qoca eynəyini çıxarıb stolun üstünə qoydu. Məmnun halda stula yayıldı. Cavan müəllimin qulağına nəsə pıçıldadı. Cavan müəllim narazılıqla başını buladı. Cibindəki dəftərçəni çıxarıb gözucu baxdı, daz müəllimə nəsə dedi. Qoca yenə başını buladı. Bu dəfə cavan müəllim ona daha bir sual verdi. Tural nə qədər fikirləşdisə, sualın cavabını tapmadı.

– Müəllim, deyəsən, axı, bunu biz keçməmişik.

Cavan müəllim bozardı:

– Necə yəni keçməmisiniz? De ki, bilmirəm, vəssalam.

Tural cəsarətləndi:

– Yox, keçməmişik. Kitabımızda fosforun alınması yoxdur, istəyirsiniz açın baxın.

– Başından yekə danışma, bir sual da verib ikini basarıq belinə!

Tural astadan: «Bağışlayın, müəllim», deyib gözlərini yaşlı müəllimə zillədi.

Tural hiss elədi ki, gənc müəllim nədənsə narazıdır. Qoca ilə mübahisə eləyir. Niyə də razı olsun, axı? Tural gərək elə kobudluq eləməyəydi. Bura kənd məktəbi deyil ki, müəllimdən acıq çıxmaq üçün sinfə sərçə buraxaydı, gərək xahiş edəydi, yalvaraydı…

Atası yadına düşdü. Saçları salxım söyüdün saçaqlarına oxşayan Gülbutanın hüznlü baxışları gəlib gözləri önündə dayandı. Kəndləri pərdə-pərdə nəzərindən keçdi. Tarlalar, ağaclar, adamlar… Kəndlərinin başı üstə keşiş çəkirmiş kimi cərgələnən silsilə dağlar… Bu vəziyyət çox ani oldu, bir göz qırpımı möhlətində oldu, ayıldı, baxdı, yazıq-yazıq baxdı, ümidsiz baxdı. Müəllimlər hələ də mübahisə edirdilər. Cavan, müəllim əl-qolunu oynada-oynada nəsə deyir, sübut etmək istəyir, qoca müəllimsə şəhadət barmağı ilə daz başını qaşıya-qaşıya ona etiraz edirdi. «Yəqin kəsəcəklər». Bu fikir necə də dəhşətli idi! «Mənə deyirdilər axı, inanmırdım. Tanışım yox, pulum yox, dəlidilər mənə qiymət versinlər?».

Birdən haradansa əmisinin zəhmli baxışlarını gördü. İnəkləri yadına düşdü. Kolxoz sədrinin ona çəkdiyi şillənin şartıltısı qulaqlarında cingildədi: «Küçük! Sənin atan da əclaf olub. Kolxozun işinə həmişə pəl vurub!».

Turalın acizliyi, qorxusu bir andaca çəkilib getdi. Gözləri qəzəbdən alışıb yandı. Əsəbləri gərildi, yumruqları düyünləndi. Heç özü də bilmədən necə oldusa irəli yeridi.

– Məni kəsə bilməzsiniz, – deyə dəlicəsinə bağırdı. – Kitabda olmayan sualı mənə verməyə ixtiyarınız yoxdur! Gedib lap rektora deyərəm! Partkoma deyərəm, aləmi qataram bir-birinə!

Müəllimlər hər ikisi diksindi. Cavan müəllimin rəngi ağaran kimi oldu. Əlindəki dəftərçəni cəld qoltuq cibində gizlədib qocaya nəsə dedi. Qoca isə zahiri təmkinini saxlayırdı.

– Mən razı deyiləm. Bu nə hoqqadır çıxarırlar? Niyə qoymurlar imtahanımızı götürək? İnanmırlar, imtahana saxlamasınlar, inanırlarsa, qoysunlar işimizi görək.

Daz müəllim bu sözləri elə bərkdən dedi ki, Tural da eşitdi. Ürəyində özü-özündən: «Hoqqa nədir? Kim çıxarır hoqqanı? Müəllim kimin qarasına deyinir?» – soruşdu.

Gənc müəllim başını bulaya-bulaya otaqdan çıxdı. Tural özündə deyildi. Dumanlı şəkildə hadisənin nə ilə nəticələnəcəyini gözləyirdi. Böyümüş gözlərini müəllimə zillədi. Onun baxışlarında həyəcan, ümidsizlik, yalvarış var idi. Yenə anası yadına düşdü.

– Darıxma, oğlan, bu saat hər şeyi ayırd edərik.

Müəllimin səsindəki qayğıkeşlik Turalı bir qədər sakitləşdirsə də nigarançılığını azaltmadı: «Gərək müəllimə elə deməyəydim. Bəlkə də həmin sual kitabımızda var, unutmuşam, yadımdan çıxıb». Qapı açıldı, Cavan müəllim Qaraxanlı ilə bərabər içəri girdi. Elə bil Turalın üstünə gün doğdu. Bir istədi, özünü atsın onun üstünə, yalvarıb-yaxarsın, desin ki, Turalam, sizin çamadanlarınızı daşıyan oğlanam. Özünü güclə saxladı. İmtahan vərəqəsini verən qızın sözləri yadına düşdü: «Kişini dilə-dişə salma».

Qaraxanlı gözucu Turala baxdı, deyəsən tanımadı. «Qoca kişidir, yəqin unudub». Tural bu hissin təsiri ilə yenə sarsıldı. Qaraxanlı üzünü qoca müəllimə tutub soruşdu:

– Nə məsələdir?

– Mən bu oğlana beş vermək fikrindəyəm. Assistentim isə razı deyil. Ona görə Sizə əziyyət verdik.

Cavan müəllim dilləndi:

– Nə beş, canım? Adicə bir sual verdim, qaldı gözlərini döyə-döyə.

Tural ürəkləndi:

– Müəllim, professor, sizin kitabınızda fosforun alınması var?

Qaraxanlı yalnız indi uşağa diqqətlə baxdı, deyəsən nəyisə xatırladı. Sonra da dönüb cavan müəllimə qınayıcı bir nəzər saldı. Ancaq heç nə demədi.

– Yaxşı, elə isə bir-iki sual da mən verim.

Suallar sən deyən elə çətin deyildi.

Tural professorun suallarına da yerli-yataqlı cavab verdi. Qaraxanlı razılığını bildirdi:

– Çox sağ ol, oğlum, – dedi – müəllimlərə müraciətlə: – Beşini verin getsin, bilən uşaqları çək-çevirə salmayın.

Elə bil Turalın üstündən dağ götürüldü. Əlində imtahan vərəqəsi özünü bayıra atdı. Həyətdəkilər onu dövrəyə aldılar.

– Neçə verdilər?

Tural dinmədi. Yenə anası yadına düşdü. Ürəyindən keçdi ki, kaş anası da bu valideynlərin yanında olaydı, qaçaydı onun üstünə, Tural da anasının sinəsinə qısılıb pıçıldayaydı: «Beş aldım, ana! Oğlun beş aldı». Pıçıldayaydı yox, bağıraydı: «Beş almışam, beş!»

– Yəqin kəsilib, – deyə kimsə kənardan pıçıldadı. Tural yenə dinmədi. Uşaqlardan biri özünü saxlaya bilməyib onun əlindəki imtahan vərəqəsinə gözucu nəzər saldı.

– Beş alıb, ey!

Ətrafa uğultu düşdü.

– Təbrik!

– Afərin!

– Afərin ona yox, dayısına!

Tural dönüb bu sözləri deyən qadına tərs-tərs baxdı. Bəzənib-düzənmişdi. Elə bil, toya gəlmişdi. İmtahana girəcək oğlu da qayğısızcasına tum çırtlayırdı.

– Xala, nə dayıbazlıqdır? Mənim heç yerli-dibli dayım yoxdur, bildim, qiymətimi də verdilər.

Həmin arvad qəhqəhə ilə güldü:

– Get, bala, get, sən dedin – biz də inandıq! Dayısıza beş? Ay verdilər, ha!

Tural lap uşaqlıqdan səhər tezdən oyanmağa adət eləmişdi. Necə deyərlər, yuxudan radio ilə bir oyanardı. O, hər səhər radio verilişlərinin proqramına qulaq asar, özünə lazım olan verilişlərin, xüsusilə konsertlərin, şairlərin çıxışlarının, məktəb həyatına dair söhbətlərin vaxtını yadında saxlar, mümkün olduqca heç birini ötürməzdi. İmtahanların qızğın vədəsində radio verilişlərinə qulaq asmağa vaxtı olmasa da, adətindən qalmadı. Yataqxana yoldaşları hələ yatdıqlarından radionun səsini lap astadan verib qulağını reproduktora dirədi. Sevindi, gülümsədi: saat 8:10-da «Yeni lent yazıları» silsiləsindən Ülviyyə Qaraxanlının mahnıları veriləcəkdi. Özü də Flora Kərimovanın ifasında.

Ülviyyə gözləri önündə dayandı. Cins şalvar geymiş, gözü eynəkli, maşın sürən Ülviyyə. O, Ülviyyəni tanımasaydı, qətiyyən bu geyimdə bir qızın musiqi bəstələdiyinə inanmazdı. Onun təsəvvürü belə idi ki, ancaq yüngül xasiyyətli qızlar, işsiz-gücsüz veyillər belə geyinərlər. Ürəyində dolandırdı: «Lap yerinə düşdü, Ülviyyənin mahnılarına qulaq asaram, sonra da gedib fizikadan axırıncı imtahanı verərəm. Olaram institutun tələbəsi. Nə böyük səadət! Anam sevinəcək, Gülbuta sevinəcək, bütün kəndə hay düşəcək…» Turalın ürəyindən dəhşətli bir hiss keçdi. Bədəni üşüdü. Sevinci bir andaca yox oldu: «Birdən kəsildim?! Axı deyirlər ki, müəllimlər haqq-hesablarını axırıncı imtahanda «çürüdürlər». Əgər öz adamlarının müsabiqədən keçməmək qorxusu olsa, tökürlər dəftər-kitabı qabaqlarına, başlayırlar baş sındırmağa, hesab çəkməyə: axırıncı imtahandan neçə adam kəsilməli, neçəsi üç almalı, neçəsi beş almalıdır ki, əziyyətləri hədər getməsin, istədikləri adamlar tələbə bileti ala bilsinlər… Görəsən doğrudanmı belədir? Görəsən vicdanını pula satan, pulu həyatın mənası, yaşamağın, insanlığın əsas əlaməti hesab edən müəllimlər doğrudanmı var? Day onda nə oldu?» Sabirin vaxtı ilə pul barədə dediyi sözlər yadına düşdü: «Vicdanımmısan ey pul, ya canımmısan…»

Yox, Tural buna qətiyyən inanmırdı. Öz ağlı, öz məntiqi ilə fikirləşirdi: lap ola bilər ki, hansı müəllimsə bu və ya digər uşağın ali məktəbə girməsinə can-dildən, sidq-ürəkdən çalışır, cəhd göstərir. Olsun, insandır də, qohumu var, dostu-aşnası var, umacağı var, qoy ona hansı qiyməti verir, versin. Bilən uşağı kəsməz, müəllimdir axı, onun adının qabağında bütün sözlərin müqəddəslərindən olan «müəllim» sözü var. Qorxar, əzab çəkər bu müəllim sözündən, vicdanına sığışdırmaz bu ədalətsizliyi. Bəs onun vicdanı ağrımaz sonra? Bəs o necə rahat yatar? Dəli olar, vallah, ölər ayaq üstə, yeriyə-yeriyə mühazirə oxuya-oxuya, haqdan, ədalətdən, insanlıqdan danışa-danışa ölər…

Tural bu qəribə, müəmmalı hisslər içərisində dolabçanın üstündəki kitabları götürüb tələsik vərəqlədi. İmtahan biletlərini bir də gözdən keçirdi. Eyni açıldı. Fikri ayazıdı: «Necə yəni kəsildim? Bu kitablar, bu suallar. Axı mənə hansı sual düşəcək ki, cavab verə bilməyim? Uşaqların çoxu kəsilib. Qrupumuzda 30 adamdan cəmi-cümlətanı 5 nəfər qalıb. Yəni bir «üç» də ala bilməyəcəyəm?.. Eh… eh!».

Tural başındakı qara fikirləri qovurmuş kimi əlini yellədi. Elə bu zaman efirdə Ülviyyənin mahnıları səsləndi. Mahnılar, quş qanadlı, romantik hisslərlə dolu mahnılar… İnsanın ayaqlarını yerdən üzən, onu yer qayğısından, yer dərd-sərindən uzaqlaşdıran mahnılar… İnsana bütün dünyanı, hətta özünü də unutduran mahnılar… Onu mənən təmizləyən, yaşamağa, yaratmağa çağıran mahnılar. Görəsən vicdanını pula satan müəllimlər eşitmirlər bu mahnıları, qulaq asmırlar bu mahnılara? Düşündürmür bu mahnılar onları? Pivəsatan pivə parçını ağzınacan doldurmursa, pivənin köpüyündən çıxan qəpik-quruşa gözlərini dikirsə, bəlkə də bu təbiidir və haradasa buna haqq qazandırmaq olar. Axı heç pivə parçını axıracan doldurmaq da mümkün deyil. (Tural bunu yolüstəki qəlyanaltıda, sosiska yeyəndə görmüşdü.) Amma müəllim…

«Gedək üzü küləyə». Maneələrə qarşı gedək. Çətinliklərdən qorxmayaq. Gedək, nə qədər gücümüz var, gedək, nə qədər ayağımız gedir, gedək, nə qədər ürəyimizdə təpər var, arzu var, ümid var… Çox sağ ol, Ülviyyə, çox sağ ol, mənim eynəkli, cinsli bacım…

Ülviyyənin mahnıları ürəyəyatan idi. Həzin, lirik, təsirli idi. Xüsusilə «Gözlərəm səni» mahnısı. Gülbuta yadına düşdü. Elə bil onum dilindən yazılmışdı, elə bil onun ürək sözlərini, qəlb çırpıntılarını danışırdı bu mahnı. Floranın titrək, ehtiraslı, bəzən səhər mehi kimi xəfif, bəzən də coşqun dağ çayı kimi təlatümlü səsi ilə danışırdı bu mahnı…

Turalın bütün həyəcanlarına baxmayaraq son imtahan da uğurlu oldu.

O, artıq tələbə idi.

Tələbə! Nə qədər mənalı, nə qədər fərəhli idi bu ad!

Turalın uçmağa qanadı yox idi, olsaydı uçardı. Düz anasının yanına uçardı, Gülbutanın yanına uçardı. Küçəyə necə çıxdığını bilmədi. İstəyirdi bağırsın, «Tələbəyəm!» desin, «İnstituta qəbul edilmişəm!» desin. Desin ki, yalandır bütün şayiələr: ey atalar, analar, inəyinizi, camışınızı, gəvənizi satıb övladınız üçün institut ehtiyatı görməkdənsə, çalışın oğlunuzun, qızınızın əsl biliyi olsun. İnanın mənə, biləni kəsmirlər, bilənə «dayı» lazım deyil!

Bu anlar Tural qəribə hisslər keçirirdi. İstəyirdi, sevincini kiminləsə bölüşsün. Ürəyini kiməsə açsın! Ancaq kimə?! Bu irilikdə şəhərdə, milyon yarımdan çox əhalisi olan şəhərdə bir nəfər, tək bircə nəfər yox idi ki, onun sevincinə şərik çıxsın. Yox! Var idi! Bəs Ülviyyə, bəs onun anası, bəs professor Qaraxanlı?!

Tural tanış pillələri uça-uça qalxdı, birnəfəsə qalxdı, qaça-qaça qalxdı. Qapının qabağında dayandı. Qısaqol köynəyinin düyməsini bağladı. Saçına sığal çəkdi. Barmağını zəngin ağ düyməsinin üstünə qoyub basdı. Qapı açıldı. Ülviyyə idi. Əlindəki gülü Ülviyyəyə verdi. Titrək səslə:

– Sizi təbrik edirəm, – dedi, – mahnılarınız çox gözəl idi.

Ülviyyə gülü alıb qoxuladı. Sonra sinəsinə sıxdı.

– Çox sağ ol, Tural! Çox sağ ol! Diqqətcil oğlanmışsan! Sənin bu təbrikin mənim üçün xüsusilə qiymətlidir. Ana, – deyə o, sevinclə çağırdı, – bir gör bizə kim gəlib! – Sonra Turala tərəf döndü. – Keç, keç içəri, çıxartma ayaqqabılarını! Birdən nəsə xatırladı. – Hə, bir de görüm, imtahanların necə gedir?

– Bu gün axırıncısını verdim. Artıq tələbəyəm. Bilirəm ki, müsabiqədən sözsüz keçəcəyəm.

– O.. Nə yaxşı, nə yaxşı! Mən də səni təbrik edirəm! Deməli, bu gün hər ikimizin bayramıdır.

İsmət xanım da Turalı sevinclə təbrik elədi. Heyif ki, professor evdə yox idi. Yəqin o da sevinərdi.

Ülviyyə yataq otağına keçib paltarını dəyişdi.

– Ana, – dedi, – bu gün Turalla mənim bayramımdır! Axşama yaxşı bir süfrə aç! Rəfiqələrim də gələcəklər. Gərək bu bayramları əməlli-başlı keçirək. Tural, axşam sən də bizdəsən ha! Mütləq gələrsən.

Tural sıxıla-sıxıla:

– Çox sağ olun, Ülviyyə bacı, – dedi. – Axı mən bu axşam yola düşürəm.

– Hansı rayona?

– Ağdama.

– Qatar neçədə gedir?

– Onda.

– Eh, çatarsan. Səni lap özüm aparıb yola salaram. İndi isə getdik!

Tural sual dolu baxışlarını Ülviyyəyə zillədi.

– Hara?

– Sonra bilərsən, getdik!

Tural səmimiyyətlə, böyük ərklə deyilən bu sözlərə necə əməl etməyə bilərdi? Kirimişcə Ülviyyənin arxasınca pillələri endi. Ülviyyə maşını qarajdan çıxartdı.

– Gəl əyləş! – Tural arxada oturmaq istədi. Ülviyyə qabaq qapını açıb onu yanına dəvət elədi: – Ora yox, bura!

Tural sıxıla-sıxıla keçib Ülviyyənin yanında əyləşdi. O, ömründə ikinci dəfə idi ki, «Volqa»ya minirdi. Bir dəfə onda – çamadan daşıyanda, bir dəfə də indi. Ülviyyə radioqəbuledicini açdı. Aşıq havaları çalınırdı. Maşın haylı-küylü küçələrdən keçib iri bir binanın qarşısında dayandı. Ülviyyə yenə komanda verirmiş kimi təntənə ilə:

– Düşdük! – dedi. – Düşdülər, Tural gözucu baxdı. Univermaq idi. – Qalxdıq!

Qalxdılar. Tural elə fikirləşdi ki, Ülviyyə nəsə almaq istəyir və onu şeyləri daşımağa kömək eləmək üçün gətirib: «Lap yaxşı, nə olar: Bütün ömrüm boyu belə adamlara qulluq eləsəm, onların işinə yarasam «uf» da demərəm».

Ülviyyə kostyum satılan şöbənin qabağında dayanıb Turalın qulağına pıçıldadı:

– Bilirsən nə var, Tural? İstəyirəm ki, neft-kimya institutunun tələbəsi yoldaş Tural Qarabağlı öz kəndlərinə, anasının yanına… Sevgilin var? – Tural pul kimi qızardı. – Hə, rəngin dəyişdi, yəqin gözaltın var… Anasının yanına, sevgilisinin yanına təzə kostyumda getsin, yaxşı?

Turalı tər basdı. O, pörtdü, az qala ağlayacaqdı.

– Yox, lazım deyil. Siz elə bilirsiniz biz lap kasıbıq? Siz elə bilirsiniz…

Tural özünü saxlaya bilmədi. Dodaqları titrədi, gözləri doldu.

Ülviyyə ərklə onun saçlarını qarışdırdı:

– Mən elə bilirdim sən kişisən, lap uşaqsanmış ki… Alacağam, vəssalam! Sən məni güllə təbrik edə bilərsən, mən səni yox?

– Axı gül başqa, bu başqa. Almayın, yalvarıram, almayın, anam alar!

– Bilirsən nə var? Day sənə icazə vermirəm danışasan! Razmerin neçədir?

– Nəyim?

– Razmerin, yəni kostyumunun ölçüsü.

Tural dinmədi. Əvvəla, o, doğrudan da ölçüsünü bilmirdi. Digər tərəfdən bilsəydi də deməzdi. Ülviyyə satıcıya müraciətlə:

– Xanım qız, xahiş edirəm, bu oğlan üçün bir kostyum seçəsiniz. Tələbəyə yaraşan kostyum olsun.

Satıcı qız sevinclə:

– Qəbul olunub? – soruşdu və özü də sorğusuna cavab almadan: – Təbrik edirəm! Böyük xoşbəxtlikdir! – dedi.

Ülviyyə ilə satıcı qız Turalı güc-bəla ilə pərdənin dalına keçirdilər. Yasəmən rəngli kostyum elə bil Turalın əyninə tikilmişdi.

– Hə, indi qaldı köynəklə ayaqqabı!

Tural yenə etiraz etdisə də, Ülviyyə fikrindən dönmədi, Turalı geyindirib-keçindirib yataqxanaya qədər ötürdü.

– Hə, indi get, yola hazırlaş. Bilet pulun var?

Tural dedi:

– Vallah var, anamın canı üçün var!

– Yaxşı, elə isə xudahafiz. Axşam saat 7-də bizdəsən!

Maşın şütüyüb uzaqlaşdı. Tural yuxulu adamlar kimi gözlərini döyə-döyə maşının arxasınca baxdı. Maşın uçurdu, sanki şəhərdən çıxır, havaya qalxır, üfüqlərdə qanad çalırdı.




«KİŞİNİN OĞLUNU VURUBLAR!»


Tural Ağdam stansiyasına səhər tezdən düşdü. Stansiyada saysız-hesabsız taksilər, şəxsi maşınlar, avtobuslar dayanıb sərnişin gözləyirdi. Şoferlərin bəziləri hövsələsizlik eləyib sərnişinlərin qabağına çıxır, onların hara getməsi ilə maraqlanırdılar. Bəziləri isə maşınlarının. yanında dayanıb ucadan müştəri çağırırdılar:





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68336860) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



Kitaba yazıçının “Toy gecəsi” və “Adilənin taleyi” romanları daxildir. “İnsan insanın dostudur, qardaşıdır” ideyası “Toy gecəsi” romanının əsasını təşkil edir.

“Adilənin taleyi”nin mövzusu gənc jurnalistlərin həyatından alınmışdır. Əgər Həmzə öz qələmindən şəxsi-qərəzlik və gününü eyş-işrətdə keçirmək üçün istifadə edirsə, Adiləyə jurnalist qələmi həqiqəti üzə çıxarmaq üçün lazımdır.

Как скачать книгу - "Toy gecəsi" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Toy gecəsi" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Toy gecəsi", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Toy gecəsi»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Toy gecəsi" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Видео по теме - Toy gecəsi (1-ci bölüm)

Аудиокниги автора

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *