Книга - Həbsxana

a
A

Həbsxana
Qənimət Əlisaoğlu


Kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı üç sənədli romanı salınıb. Hər biri özünün müxtəlif illərdəki məhbəs həyatından bəhs edir.

Oxucuları bəri başdan xəbərdar edirik: «HƏBSXANA» trilogiyasını içərisində çoxlu açıq-saçıq və qəddarlıq səhnələri olduğuna görə yaşı 18-dən aşağı olanların, həmçinin əsəbləri zəif olan şəxslərin oxuması məsləhət deyil!

Kitabda ilk dəfə müəllifin çox tez-tez işlətdiyi, əksəri rusca olan 500-dək türmə jarqonlarının azərbaycanca açması verilib.





Qənimət Əlisaoğlu

Həbsxana. Kriminal trilogiya





ÖN SÖZ


Kitaba yazıçı, jurnalist, həmçinin ömrünün sonlarında partiya rəhbəri olmuş Qənimət Əlisaoğlunun üç məşhur əsəri – «Lənət qapısı» (1993), «Bayıldan başlayan yol» (1998) və «Qırmızı türmə» (1999) əsərləri salınıb. Əsərlərin yalnız biri – «Lənət qapısı» «Şəms» nəşriyyatı tərəfindən 2003-cü ildə latın qrafikası ilə nəşr olunub, digər iki kitab ilk dəfədir ki, latın əlifbası ilə nəşr olunur.

Hər üç əsər müəllifin şəxsi bioqrafiyasının məhsuludur. Əsərləri oxuyan hər bir kəsi ilk növbədə Qənimət Əlisaoğlunun şəxsi həyat faciəsi şoka salır, oxucunu acı təəssüf hisləri keçirməyə məcbur edir, lakin acı bir reallıq da ondan ibarətdir ki, Qənimət Əlisaoğlunun bu şəxsi faciəsi olmasaydı, Azərbaycanın ən yeni tarixindəki bu qədər ləkəni, bu qədər rəzillikləri kim qələmə alardı… Odur ki, artıq həyatdan köçmüş Qənimət Əlisaoğlu öz şəxsi faciəsi ilə əslində 3 kitab qədər tarixi həqiqətlər qoyub getmişdir…

Kitabların heç biri başqa kriminal türmə həyatından olan kitablara bənzəmir, bunlar başdan-ayağa sarsıdıcı, tükürpədici səhnələrdən ibarətdir. Müəllif üç kitabda Azərbaycan və İttifaq (daha doğrusu, Sovet Rusiyası) türmələrini tam realistliklə müqayisə edib bunları yazır:



– Burada iztirab, ümidsizlik və məyusluq var.

– Burada insana həşərat kimi baxırlar.

– Burada ibtidai vəhşət atmosferi var…


Hər 3 kitabın qırmızı xətt kimi bir həqiqəti var:



AZƏRBAYCAN TÜRMƏSİ



– bütün atributları ilə,

– rüşvətin hədsiz miqyası ilə,

– qanun-qaydaların açıq-aşkar tapdanmasına görə,

– haqsızlıq, ədalətsizlik, mənəm-mənəmliyə görə

bütün İttifaq türmələrindən fərqlidir…








Əyilməzləri əyən, sınmazları sındıran, sınmağa layiq olanları başıuca edən Azərbaycan!

    Qənimət Əlisaoğlu İsayev
    (1950-2001)


* * *

Tanıyanlar müəllif haqqında bunları deyib:



– O çox riskli işlərə baş vuran bir «avtoritet» olub. Həbsxana həyatından nə yazıbsa da həqiqətdir…

    Rövşən Yerfi



– O çox ciddi və mənalı adam idi. Oğru aləmində «avtoritet» sayılırdı. Həddən artıq mütaliəli adam idi. Ölümü isə çox müəmmalı oldu. Türmə həyatının «mətbəx»ini verə bilən nadir yazıçılardandır…

    Murad Köhnəqala



– Müəmmalı, qəribə, sözübütöv adam üçün yanmaq istəyən, nurlu, bir sözlə möhtəşəm insan idi. Qalmaqallı işlərə meyli vardı…

    Əlisəmid Kür



Qənimət Əlisaoğlu 2001-ci ilin 18 oktyabrında – müstəqillik günündə özünü güllələyib (rəsmi məlumatlara görə).



Türmə qarşısında konstitusiya öz gücünü itirir.

    Sol RUBİN






Lənət qapısı

(birinci kitab)





I hissə

Bayıl-85





TƏCRİDXANADA


Dünya ya cənnətdir, ya zindan…

    Balzak

Otuz nəfərə yaxın başıbəlalının təpilib doldurulduğu «voronok» acıq verirmiş kimi dartınıb dayandı. Əyləc qəflətən basıldığından ləngərlənib bir az da sıxıldıq, taleyin hökmündən əyilmiş qəddimizi qismən də olsa, düzəltməyə macal tapmamış bizi bizdən «qoruyan» silahlı «ment» yerə atıldı, əlləri bellərində boy-boya düzülmüş hərbçi geyimli «ment»lərlə görüşdü:

– Malları gətirmişəm, ütün, – dedi. «Ment» – milis, yaxud türmə işçilərinin çoxsaylı adlarından biridir. Onlara həmçinin «pirat», «padlo»[1 - Alçaq, namərd (rusca).]. «milton»[2 - Milisioner sözünün lağla deyilən qısaldılmış forması.]. «podlipalo»[3 - Donosçu (çuğulçu) milis (polis) xəfiyyəsi (rusca).], «kryuçok»[4 - Qarmaq (rusca).], «qad»[5 - 1) Alçaq 2) Həşərat (rusca).], «qad leqavıy»[6 - 1) Alçaq 2) Tula (rusca).], «suka»[7 - 1) Qancıq 2) Donosçu, çuğulçu (rusca).], «tixar»[8 - Pis adam, eqoist adam (rusca).], «milok»[9 - Milisin lağla əzizlənməsi mənasında (rusca) .] və s. deyilir.

Qıfıllar şaqqıldadı, «voronok» bir də dartındı, dəmir darvaza arxamızca həmişəlik bağlandı.

Ölümlə olumu, işıqla qaranlığı bir-birindən təcrid edən bu qapı kimlərəsə var-dövlət bəxş etməkdən ötrü yüz ildən çoxdur ki, açılıb örtülür.

Həyatımıza qoşa qara xətt çəkən, pula açılıb, pula örtülən qapı.

İlk açılışı «voronok»dan qəbul edib alnımıza «zek»[10 - Dustaq (zaklyuçennıy sözündən – rusca).] damğası vuran, son açılışı «voronok»a doldurub «stolıpin»[11 - Dustaq daşıyan vaqonlara deyilir (Rusiya İmperiyasının baş naziri olmuş Stolıpinin şərəfinə belə adlandırılıb).], yaxud koloniyaya yola salan qapı.

Əli qoynunda balalarımızın göz yaşlarının şahidi qapı.

Güclülərin əliylə zəiflərin boynuna dəyirman daşı kimi asılan qapı. Həsrət qapısı! Nifrət qapısı!

Özü ağırlığında lənət qapısı! Burdan ölüb çıxanların, ölü kimi çıxanların şahidi qapı.

Səkkiz gün qabaq tutmuşdular məni – tutmuşdular deyəndə Mirzoyev (nə səbəbdənsə Mirzəyev yox) familiyalı bir müstəntiq Nəsimi rayon prokurorluğuna dəvət etmişdi. Aramızdakı qısa söhbətdən sonra altı nəfər qoluzorlu milis otağa daxil olmuş, iki il öncə dövlət əmlakını külli miqdarda mənimsədiyim, dəfələrlə rüşvət aldığımı, vəzifə mövqeyimdən sui-istifadə etdiyim üçün məni həbs etmişdilər. Beş gün Nəsimi Rayon Daxili İşlər Şöbəsində saxlamışdılar ki, bəlkə dalımca gələn oldu. Özümə dəfələrlə xidmətlərini təklif etmişdilər:

– Hara istəyirsən, kimin yanına istəyirsən «zapiska»[12 - Qısa məktub (rusca).] yaz, aparaq çatdıraq, – demişdilər.

Yazmağa sözüm, çatdırmağa adamım yox idi…

Bu dörd gündə çox düşünüb – daşınmışdım. Yəqin bilirdim ki, məni üç gündən artıq saxlamağa ixtiyarları yoxdur. Bir halda ki, saxlayırlar, deməli, burada qarışıq müəmma var. Açılacağına isə şübhə yox; bir az tez, bir az gec.

Bu dörd günü quru taxta üzərində bir plaşla keçirmişdim. Yemək dərdi çəkməsəm də, milis növbətçiləri öz pulumla həm mənə, həm də özlərinə nahar və şam yeməyi alırdılar. Nəhayət, dördüncü günün sonunda insaflının biri tapıldı:

– Səni sabah səhər buraxmalıdırlar, – dedi.

– Axı, üç gündən artıq saxlamağa ixtiyarları yoxdur, mən isə gör neçə gündür buradayam.

– Ay sənin kinovun olsun, sən nə qoyub nə axtarırsan? İki gün səni heç «oformit»[13 - Sənədləşdirmə (rusca).] eləmədilər. Tak-şto, yadda saxla ki, «otdeleniyedə»[14 - Bölmə (rusca).] cəmisi iki gündür qalırsan. Özün də dara-bara salma, mən ölüm! Sonra bilərlər ki, mən satmışam, atama od vurarlar. Rəisimiz yaman qansız adamdır. «Paqon»umu sökdürər.

– Deməli sabah buraxacaqlar?

– Nə deyim vallah? Ya buraxmalıdırlar», ya da…

Başını qaşıdı, gözlərini məchul bir nöqtəyə zilləyib, bir xeyli düşündü.

– Bilirsən nə var, əmioğlu, – deyə bir az ciddiləşdi – demişəm, qoy axıracan deyim. Cəhənnəmə ki… Mən «smen»ə[15 - Növbə (rusca).] gələndə bizim nəçənnik bir nəfər müstəntiqlə danışırdı. Deyirdi ki, bu bədbəxt oğlunun – yəni sənin –arxasınca nə gələn var, nə də maraqlanan. Sabah basacağam boynundan, getsin, – dedi rəis. Müstəntiq də buyurdu ki, görüm «kişi» nə deyəcək, sonra. Ancaq, yenə deyirəm ha. kim bilir onların işlərini? Bir də gördün elə doğurdan da basdılar boynundan, getdin gedər-gəlməzə. Qorxutmaq üçün demirəm, ancaq vallah bu qapıdan o qədər nər kimi oğlanların boynunu büküb göndəriblər ki, adam mat-məəttəl qalır…

Aydın olmayan heç nə yox idi. Doğrudan da, səhər açılar-açılmaz məni DİŞ-in şəhər şöbəsinin zirzəmisinə apardılar. Nə bir soruşan oldu, nə bir dindirən. Üç gün də bu zirzəmidə yaşayandan sonra pişik balasını dişində daşıyan kimi sürüyüb saldılar «voronok»a[16 - Konvoylu qapalı milis (polis) maşını. Həbsxanada konvoyları «qara quzğun» adlandırdıqlarına görə dustaq daşıyan maşınlara belə ad qoyulub (rusca).]. «Voronok»un da yolu bu lənətə gəlmiş qapının ağzında qurtarar.

Ölçüyə gələrmi bu divarlar arasında, yeddi dəmir qapı arxasında tökülən göz yaşlan?

«Kişi ağlamaz!» deyənlər bu kəlamı hansı əsasla fikirləşib, görəsən? Qalın, dəmir qapılar arxasında yaramaz bir praporşikin[17 - Birinci zabit rütbəsi.], qanacaqsız serjantın, rüşvətxor starşinanın, cibsoyan müstəntiqin, ədalətsiz hakimin futbol oyunundan cana doyan məhbus kəndir axtarırsa, yerindəmi bu kəlam?..

Şəxsiyyəti təhqir olunan, kişilik qüruru bir nakişinin nacins hərəkəti nəticəsində sınan məhbus səbəbkarın başına endirmək istədiyi yumruğunu dəmir qapıya döyəsi olacaqsa, yerindəmi bu ifadə? Beton döşəmə, beton tavan, daş divarlar, dəmir barmaqlıqlar arasında ümidi hər yerdən üzülmüş, əli heç kəsin ətəyinə çatmayan kimsəsiz, pulsuz-parasız biçarə ağlamayıb gülsünmü? Bu kəlamı bu şəraitə uyğunlaşdırmaq istəyənin bircə adı var – əbləh!

«Voronok»un birinci qapısını açdılar, «quşxana»dan birisini dartıb çıxartdılar, yumşaq yerinə bir təpik də ilişdirib:

– Vızqırd, haramzada! – dedilər.

Sonra ikinci, dəmir çərçivəli qapının asma qıfılını açdılar.

– Tökülüşün! – deyə əmr verdilər.

Qoyun sürüsü kimi qabaqlarına qatıb, döşəməsi, tavanı, divarları beton, balaca, dar bir otağa itələdilər. Arxamızca üçüncü dəmir qapını da bağladılar. Nəfəs-nəfəsə, burun-buruna dayandıq. Qısa bir vaxtda siqaret tüstüsündən göz-gözü görməz oldu…

21 yanvar 1985-ci il. Bu tarixdən başlamış neçə-neçə ayları, illəri dəmir qapılar arxasında keçirəcək, günləri, saatları sayacağam. Ömrümü dəmirlərə bağlayacaqlar: dəmir qapı, dəmir «nara», dəmir stol, dəmir parç, dəmir qaşıq, dəmir çərçivəli, şüşəsiz pəncərə, …bir də tədricən formalaşan dəmir əsəblər.

İkinci, üçüncü «xodka»[18 - Məhkumluq. Xojdeniye (gəzmək, dolaşmaq) sözündən götürülüb (rusca).] ya gələnlər bizi təlimatlandırdılar:

– Bu balaca otağa «boks» deyirlər. «Boks»un o biri tərəfindəki hərbi paltar geyinmiş qanun keşikçisi, yəni «nazor»[19 - Nəzarətçi (nadziratel sözündən götürülüb) (rusca).], yaxud qəbul olunmuş dildə «ment» bir-bir bizi çağıracaq, dik duran və çökək yerlərimizi diqqətlə yoxlayacaq. Buna «şmon» deyirlər. Kimin pulu varsa, udsun, çıxarmaq qaydasını kamerada öyrədəcəklər. Cavab qaytarmayın – çırparlar! Haqq, ədalət sözlərini dilinizə almayın – gülərlər və s. və i.a.

«Şmon»[20 - Üstün axtarışı (rusca).] çox qəribə prosesdir, daha doğrusu, çox qəribə surətdə aparılır. Maraqlıdır ki, hər respublikada, hətta, hər koloniyada «şmon» özünə məxsus qaydalarla aparılır. Azərbaycanda isə «şmon» Allah tərəfindən göndərilmiş bəla, yaxud bəndə tərəfindən düşünülmüş qırxım prosesidir.

«Şmonşik» qeyri-rəsmi vəzifədir və bu vəzifəni almaq üçün bir qucaq pul vermək lazımdır. Verilənlərin geri qaytarılacağına şübhə etmək gərək deyil. Cəmi bir aya qoyduğunu götürəcəksən. Sonra «böyük»lərlə şərik işləyəcəksən.

Bu Dardanel boğazından, yəni «şmon» otağından «zek»lərin hamısı ən azı iki dəfə keçir. Hamısı da gətirir, verir, bağışlayır. Gətirir – çünki, tələbat var, verir – çünki, verməsə zorla alacaqlar. Bağışlayır – çünki, bəxşeyiş şirin olur.

1985-ci ilin 21 yanvarında Bayıl türməsində baş «şmonşik» Tahir adında gözəl-göyçək bir oğlan idi. Qapının arxasından qışqırığını eşidirdik. Vurduğu yumruğun boğuq səsi, çəkdiyi şillələrin şappıltısı qulaqlarımızda həkk olunurdu.

«Şmon»a 18 yaşı hələ tamam olmamış bir yeniyetməni çağırmışdılar. Bu bədbəxt başqalarının toruna düşüb mağazanın nəfəsliyindən anbara enmiş «Vesna» maqnitofonlarını çöldəki dostlarına ötürürmüş, özü nəfəslikdən çıxa bilməyib tutulmuşdu.

– Bıçaq, lezva, pul – stolun üstünə!… Özüm tapsam… Soyun, küçük! Dombal görüm… Götür zibillərini rədd ol! – Tahirin əmri və komandaları eşidilirdi. Və heç şübhəsiz ki, olduğu kimi də yerinə yetirilirdi. «Etiraz» və «türmə» sözləri arasında dibi görünməyən bir uçurum var – bunu «zek» də bilir, «ment» də. Burada hər kəsin öz yeri yoxdur, hər maddənin öz yeri var. Tutulan oğru tutulmayan oğrudan, bircə dəfə rüşvət alıb ilişən, illərlə rüşvət toplayan «nazor»dan yalnız «vətəndaş» kəlməsi ilə fərqlənir.

Burada cinayət məcəlləsinin maddələri qrup şəklində qiymətləndirilir.

Həsən ev oğrusudur, ya maşın oğrusu, dəxli yoxdur, yəni «slesar»dır[21 - Ev yaran oğru (slesar – çilingər sözündən – rusca).], deməli, alçaq, xəbis və milli düşməndir. Axı, bir gün gəlib «nazor»un da «zəhmətlə» topladığını apara bilər!

Hüseyn dövlətdən oğurlayıb, bank yarıb, rüşvət alıb, deməli kişidir, abırlı adamdır.

«Barıqa» [yəni, alverçi] hörmətli şəxsdir, yeri yuxarı başdadır.

Yaxşı balıqçı tilova düşən balığın dadını və təqribi çəkisini görməmiş təyin edən kimi «ment» də «türemşik»in sosial vəziyyətini özünü görməmiş sənədlərindən, türmə kartoçkasında qeyd edilmiş maddəsindən bilir.

Əsil ov da elə bundan sonra başlayır. «Oper»lər[22 - Əməliyyatçı – təcridxanada cürbəcür istintaq işləri ilə məşğul olan və xəbərçilər dəstəsi ilə işləyən milis işçisi – operativnik (rusca) sözündən.], «spets»lər[23 - Sənədləşmə işinə baxan xüsusi əməkdaşlar – spesialnıy (xüsusi – rusca) sözündən.], «DPNK»lar[24 - Dejurnıy Pomoşnik Naçalnika Karaula – sözlərindən, qarovul başçısının növbətçi yardımçısı (rusca).], «starşinalar» və nəhayət, «nazor»lar «şmon»dan sonra öz tilovlarını atırlar 35, 36 və 37 nömrəli müvəqqəti saxlama kameralarına. Əsas iş kimin tilovu tez atmasında deyil, tilovdakı yemin dadındadır.

Mənə tilovu elə «şmon» otağında atdılar. Tahir sənədləri gözdən keçirən kimi yaxın gəlib hal-əhval tutdu, ürək-dirək verdi:

– Fikir eləmə, müəllim, Sizi yaxşı kameraya göndərirəm. Görürəm yaxşı adama oxşayırsan, özün də kişi maddəsi ilə gəlmisən. 88-1, 170-2, 167 sayılan maddələrdir. Baxma ki, bura köhnə türmədir, lap YEKATERİNADAN qalma, ancaq yaxşı yerlərimiz var. «Burjuy» kamerasına göndərəcəyəm səni, 39-a! Xərci beş yüzdür. Orda telefon da var. Danışmaq olar. Ancaq, ehtiyatlı ol, heç kəsə sirr vermə. Kamerada «setka»[25 - Tor – kameraya bayırdan xəbər çatdırılmasının mümkün olması mənasında (başqa mənaları da var) (rusca).] var. Bir şey lazım olsa, məni çağırtdırarsan. Pulu necə gətirmək lazım olduğunu sənə kamerada başa salacaqlar. «Qonets»[26 - Çapar, qasid (rusca).]lə «ksiva»[27 - Ən çox işlənən türmə terminlərindəndir – məktub, ismarış mənasındadır.] göndərə bilərsən. Sizi yoxlamasaq da olar. Biz adama baxanda qiymətini veririk. Keç o biri «boks»a.




BURJUY KAMERASI


Ağıl Yer kürəsini qaldıra biləcək ling, onun dayaq nöqtəsi isə puldur.

    Balzak

Boksun dəmir qapılarmı açdılar. Daha bir dəmir qapıdan keçib, birinci korpusun dəmir pilləkənləri ilə ikinci mərtəbəyə qalxdıq. Sayca altıncı dəmir qapı da bağlı idi. Nəzarətçi qapı zənginin düyməsini basdı.

Yanvar ayı olsa da, havalar xoş keçirdi. Pilləkənin başından gözümə gün düşdü. Sən demə, Günəşlə bu balaca meydançada uzun müddətə ayrılırammış. Düz on bir ay Günəş üzünə həsrət qalacaq, dörd divar arasında tarakan həyatı keçirəcək, Günəşi görmədiyimdən rəngim də dəyişib meyit rənginə dönəcəkmişəm.

Bilsəydim, təəccübdən buza dönmüş dodaqlarımla od üzündən öpərdim, Günəş! Bilsəydim, bu məhrumiyyətlərə dözməmək üçün, aclıq körpüsündən keçməmək üçün, alnıma ömürlük «rane sudimıy»[28 - Əvvəl məhkumluğu olmuş (rusca).] damğası vurulmamış qucaqlayardım səni, Günəş!

Qucaqlayardım ki, yandırasan məni, külümü küllərə qarışdırasan, Günəş!

Haradan biləydim ki, dəmir qapılarla ədalət və ədalətsizliyi, qanun və qanunsuzluğu, insaf və insafsızlığı bir-birindən ayırmaq olarmış?

Haradan biləydim ki, yüksək tribunadan «xalq, xalq!» deyən «ideallar» lənət qapısı arxasında «pul», «pul» deyən qəssablara dönəcəklər…

Qapını içəridən açdılar. Nəzarətçi bizi növbətçi «nazor»a təhvil verib tapşırdı:

– Bu biriləri 37-yə, bu, bizim adamdır – 39-a!

Burada da «bratan»ların[29 - Keçmiş SSRİ ərazisindəki bütün təcridxanalarda dustaqlar bir-birini hörmətlə belə adlandırırlar – «qardaşım» mənasında (bu söz qardaş, yaxın dost mənasında hətta azadlıqda da işlədilir) – rusca.], yəni məhbus qardaşların arasında kasıblar və pullular təbəqələrə ayrılır. Özü də elə ilk addımdan. Bu bölgü hələ «nazor» bölgüsüdür, sonra «zek» bölgüsü, «zon» bölgüsü olacaq. Burada da, çöldə də, hətta, qəbirstanda da bölgü…

Uzun, hündür dəhlizin sağ və sol tərəfində şahmat damaları kimi çəp sıralı qara rəngli kamera qapıları düzülmüşdü: 35, 36, 37, 38, 39… Sayı yox. «Nazor» təqribən 20 sm uzunluğunda bir açarla qıfılı şaqqıldatdı, qapını azacıq aralayıb «keç», – dedi.

Kamera. Bu adı kim, nə vaxt fikirləşib, görəsən? 4 metr uzunluğu, üç metr eni olan bir hücrədir kamera. Döşəməsi, tavanı beton, divarları daş bir hücrə; bir tərəfdə «yurs»[30 - «Nara»nın başqa mənası (rusca).], yəni «nara» – dəmir borulardan bir-birinə qaynaq edilmiş iki mərtəbəli yataq yerləri, digər tərəfdə döşəməyə və «nara»lara qaynaq edilmiş dəmir stol var. Stolun hər iki tərəfində oturmaq üçün taxt [skamya] da qaynaq edilmişdi. Bir sözlə burda inventarların sayı və nömrəsi yoxdur, hamısı bir tam şəklindədir.

Deyilənlərə görə, vaxtilə burada, 39-cu kamerada Stalin yatıb. Mənim bura düşdüyüm tarixdə, yəni 21 yanvar 1985-ci ildə kamerada ümumi sayımız on iki idi, yataq yerinin sayı isə on.

Qapının üstündə, tavana yaxın yerdə balaca bir deşik qoyulub. Deşiyin kameraya açılan üzündəki dəmir çərçivə də «nara»lara qaynaqlanıb. Çərçivənin arxasında yalnız dəhlizdən dəyişdirilə bilən 40 vatlıq elektrik lampası bağlanıb. Məhbusun günəşi, işıqlı dünyası, bir də elektrik enerjisi mənbəyidir bu lampa. İnsan hər əzaba qatlaşıb, ən çətin vəziyyətdən belə çox vaxt çıxış yolu tapa bilir. «Burjuy» kameralara ödənilən aylıq qeyri-rəsmi vergi fonduna bu enerji mənbəyindən istifadə edərək elektrik qızdırıcısının, əldədüzəltmə plitənin işlədilməsi və bunu korpus starşinasının «görməməsi» üçün 30 manat pul əlavə olunur.

Yağlı dilə aldanaraq, 500 vəd edib, ora düşəndən sonra gördüm ki, «telefon» Bayıl türməsinin birinci korpusunun və sanitar hissəsinin ikinci mərtəbələrindəki yola baxan pəncərələrə deyirlər. Əslində buna pəncərə demək özü də cinayətdir. Təqribən 70/100 santimetr ölçüdə, döşəmədən iki metr hündürlükdə qalın dəmir barmaqlıq taxılmış boş pəncərə yeri, çöl tərəf görünməsin deyə hələ bir qabırğa ilə də örtülür.

Çox maraqlı və gəlirli sahə olan «telefon»la danışmaq üsulu haqda sonra…

İndi isə… Öyrəndim ki, «setka» heç də tor deyil, bu, adicə dustaq yoldaşlardan biridir. Poqonlulara kameradakılar haqda səhih məlumat vermək üçün öyrədilən insan övladıdır. Ona «işverən» də deyirlər, kamerada «setka», koloniyada «suka» adlandırırlar.

«Burjuy» kamerası da elə adi kameradır; ayaqyolusu da içində. Fərq bundadır ki, içəridəkilər imkanlı yoldaşlardır, süni seçmə metodu ilə «500-lük xəlbir» dən keçiblər.

Burda həmişə yemək-içmək var. İstəsən, 30 manata araq da gətirirlər, ancaq gərək içəndən sonra butulkanı sındırıb əzəsən ki, bilən olmasın. Arağı və spirti hərdən «qrelka»da[31 - İçinə isti su tökülüb bədənin ağrıyan yerinə qoyulan rezin qovuq.] gətirirlər, ancaq onda zəhrimarın dadı dəyişir və rezin iyi verir. «Ksiva» – eləcə dustaq məktubudur. «Qonets» də həmin məktubla həmin ünvana qaçan «nazor». «Burjuy» kamerasına düşmək üçün «taksa» «şmon» otağında 500, 1-ci korpusun 2-ci mərtəbəsində – müvəqqəti saxlama kamerasında 300-dür.

Ev bizim, sirr bizim. Buranı heç kəs qəflətən gəlib yoxlaya bilməz. Bura yalnız prokuror həzrətləri girə bilər. o da öz kabinetindən çıxmamış xəbər eləyir ki, bəs gəlirəm, hazır olun. Rəis də çağırıb öz göstərişlərini verir. Onca dəqiqəyə bütün kameralara xəbərdarlıq edilir, yorğan-döşək qaydaya salınır, «sever»in[32 - Hərfi mənası şimal, amma ayaqyolu mənasında (rusca).] pərdələri açılır, artıq şeylər yığışdırılır, prokuror həzrətləri gəlib, işdir-şayəd kameraya girsə, görsün ki, hər şey qaydasındadır [hərçənd 11 ay ərzində prokurorun bircə dəfə də olsun kameraları gəzdiyini görmədim].

«Sever» sözü təkcə Bayıl türməsində qəbul olunub və kameranın içərisindəki ayaqyolunun şərti adıdır. Qapısı olmadığından, içəridə oturan utanmasın deyə, məhbuslar mələfədən qapı düzəldir, həm də hündürlüyünü adam boyda qaldırırlar.

Ara xəlvət, tülkü bəy! Soy, kəs, çap özünçün. «Şmonşik» dustağın üstündən nə tapsa, müsadirə edir. Əgər, dustaq özü könüllü vermiş olsa,.. pul üç yerə bölünür – bir payı, dustağa qaytarılır, iki payı qalır «nazor»un ixtiyarında.

Səriştəsi olanlar «şmonşik»ləri aldatmaq [buna «atmaq» deyirlər] yolu ilə içəri çox şey gətirirlər. Bunun üçün müxtəlif üsullar fikirləşilib: məsələn, məhbus nəşə, tiryək və digər müxtəlif narkotik maddələri sellofan torbacığa doldurub, arxa keçiddən özünə yerləşdirir. «Nazor» anası ölmüş də bunu bildiyi üçün gözü su içməyən dustağa «dombal» komandası verir. Və əgər arxa keçiddə sellofan torbacığın ucuna bağlanmış sap görsənsə, vay o «zek»in halına. Qapaz, yumruq, söyüş:

– «Qad»[33 - Alçaq, həşərat (rusca).], «qnida»[34 - Sirkə (bit yumurtası).], bizə nömrə gəlirsən?

Eyni sözü də «zek» «ment»in haqqında deyir – ya üzünə, ya arxasıycan.

Bu da bir cür mübarizədir – «qadların», «qnidaların» mübarizəsi.

Usta «zek» pulu [adətən 50 və 100 manatlıqları] udub, bir neçə gün sonra öz ifrazatının içərisindən eşib çıxarır, yuyub qurudur və yenə, məhz, narkotik maddə almaq üçün «nazor»a verir. Bir sözlə, bilən üçün bu əziyyəti çəkməyə heç lüzum yoxdur – «nazor»un canı, sağ olsun. «Nazor»dan əlavə 1-ci korpusun 2-ci mərtəbəsində fotoqraf Vahid və əl izi götürən Rahib də bu məqsədə qulluq edirlər. Üzdə bir-birinə dost deyən bu iki «qardaş» əslində rəqibdirlər, axı, «iki qoçun başı bir qazanda qaynamaz». Mənən qoçdan çox qoyuna oxşayan bu iki yoldaş tez-tez kəllələşməli olurlar.

Onların qətlinə çoxları fərman verib. Bura düşən günahsız, yaxud günahkar qadınları onlar qadın korpusundan əl izi götürmək və şəkillərini çəkmək üçün 1-ci korpusa, öz otaqlarına gətirirlər. Bütün kameraların gözlük və nəfəsliklərində neçə dustaq kişi göz yaşları yanağından tökülən bu qadınları seyr edir. Vahid onların başlarından, boyunlarından tutub poza üçün saxlayır. Rahib qol və biləklərindən tutub barmaq izlərini götürür.

Dostlar bu prosesi bır az da iyrəncləşdirir, müxtəlif alçaqlıqlardan çıxırlar. Bunu görən məhbus dəmir qapı arxasında heç nə bacarmasa da, çıxandan sonra bu qardaşlarla hesab çəkəcəyinə söz verir. Di gəl ki, dustağın yolu uzun, sabahı bu gündən daha acı, daha ağır. Sabah görəcəyi vahidlər və rahiblər bugünkündən daha alçaq…

Və beləcə yaşayır, Vahid də, Rahib də.

Həm də digərləri kimi Bakı şəhərinin istənilən guşəsinə istənilən ünvana söz və «ksiva» aparır, cavab və pul gətirirlər.

O ki qaldı rayonlara getməyə, bunun da öz müştərisi, öz «taqsa»sı[35 - Məzənnə, nırx (rusca).] var; Şamaxı – 100 manat, Gəncə – 150 manat, Qazax – 300 manat…

Kameranın qapısında adam boyu hündürlüyündə çöldən kameradakıları müşahidə etmək üçün bir gözlük qoyublar – adına «volçok»[36 - Fırfıra (rusca).] deyilir. Onun aşağısında balaca bir nəfəslik düzəldilib – «kormuşka»[37 - Yem qutusu, axur (rusca).]. «Kormuşka» dəhliz tərəfə açılır, qıfılın açarı da «nazor» bəyin cibində olur.

«Kormuşka»nın çox qəribə və təzadlı «vəzifələri» var. Əvvəla o, eynən zooparkdakı kimi yemləmə yeridir. Elə ki, «nazor» açarla «kormuşka»nı açır, o üfüqi vəziyyət alır. «Balandyor» «balanda» qazanını «taçka»dan[38 - Burada əl arabası (rusca).] «kormuşka»nın yanına gətirir. «Balanda» – türmədə verilən yeməyə deyirlər. Ağıllı və qədirbilən sahibkar heç öz itinə də bu «balanda»nı yedirməz. Necə hazırlanması cəhənnəm, anbardan «kormuşka»ya gələnə kimi hər mərtəbədə bu xörəyin komponentlərinə əl gəzdirilir – yağı, əti, düyüsü, kartofu ixtisara düşür. «Nazor»ların evinə daşınır. Yaxud «burjuy» kamerasına satılır və nəhayət, yeməkxanada komponentlərdən məhrum olmuş «xörək» hazırlanır. «Balandyor», yəni bu yeməyi məhbuslara paylayan digər dustaq yoldaş özü [1985-ci ilin yay aylarında Mürşüd kişi] qazanı dəhlizdəki «sever»in yanına çəkib saf-çürük edir, özünə və yoldaşlarına seçib ət payı götürür və bu sonuncu əməliyyatdan sonra qalan qəribə kütlə «perlovıy»[39 - Arpa yarması (rusca).], yaxud «pşeniçnıy»[40 - Buğdalı (rusca).] adı ilə dustağın alümin miskinə[41 - Kasa (rusca).] boşaldılıb, qoyulur həmin «kormuşka»nın üstünə. Kameradakı növbətçi də bu qabları bir-bir sayıb qəbul edir. Ye, «zek», yeyə bilsən.

«Burjuy» kameralarında yaxşı yemək olmadıqda belə, adlarına ləkə gəlməsin deyə (ada bax ha) «balanda» götürülmür. Digər kameraların «kormuşka»sından, yaxud gözlüyündən «balanda»nın, məhz, hansı kameraya verildiyinə ciddi nəzarət edilir.

İkincisi, «kormuşka» qonşu kameralarla, yaxud qarşı kameralarla üz-üzə, göz-gözə sərbəst söhbət etmək üçün yeganə yerdir.

Normal ölçülü baş «kormuşka»dan çölə çıxmır. Ancaq yəqin ki, Allah insanı xəlq edəndə onun «kormuşka»dan istifadə etməli olacağını da düşünüb və baş hissəsini yumru deyil, nisbətən yastı və uzunsov yaradıb. Əgər, məhbus başını «kormuşka»ya diaqonal istiqamətində çevirsə, çənə bu dördbucaqlının tininə düşər və bəlalı baş «kormuşka»dan çölə çıxar. Ondan sonra isə istəsən «nazor»la, istəsən «bratan»la doyunca danış.

«Kormuşka»nın üçüncü vəzifəsi ondan ibarətdir ki, «bratan»lardan biri dəhliz boyu nəzarət altında gedərsə, qabaqcadan hazırlanmış «ksiva»nı oradan kameraya gizlincə tullaya bilsin, yaxud «ksiva» daşımağı özünə sığışdırmayan «nazor» (belələri də var idi) qəflətən «ksiva»nı «kormuşka»dan atıb tez çəkilsin, sən başını əyib deşikdən çölə çıxarana kimi o, gözdən itsin.

Və nəhayət, «kormuşka» «nazor»lar üçün gəlir mənbəyi rolunu oynayır. Yay aylarında 12 kvadratmetrlik kamerada hərarət 50 dərəcəyə qalxır («inanmayanın başına gəlsin» deyərdim, ancaq yazığım gəlir) üstəlik içəridəki 12-13 nəfər məhbusun nəfəsi, hərarəti bura əlavə olunur. «Sever»in «ətri» də bir yandan. Əsl cəhənnəm, həm də kitablarda yazılan kimi xəyali yox, məhz həyat həqiqəti olan bir cəhənnəm yaranır.

Qocalı-cavanlı hamı soyunub bircə alt paltarında oturası olur. «Nazor»un qazanclı günləri də onda başlayır; «kormuşka» bağlanır, bir neçə dəqiqədən sonra nəfəs almaq mümkün olmur.

Belə vaxtlarda sifətlərinə meyit rəngi çökmüş həmdərdlərimin üzünə baxıb, qeyri-ixtiyari öz körpəliyimi xatırlayırdım. Anamız Kür sahilində yaşayanlara bir çox xoşbəxtliklə yanaşı balıqçı sənətini də bəxş edib. Uşaqdan tutmuş 90 yaşlı qocaya kimi hər kəs qarmaq, tor və digər vasitələrlə balıq tutur. Tutulmuş balıq əvvəlcə çapalayıb çırpınır, tədricən taqətdən düşür və ölümü yaxınlaşdıqca hərəkətləri süstləşir, yalnız qəlsəmələri, bir də dodaqları tərpənir. Dodaqlar irəli uzanıb bir udum hava, bir anlıq həyat istəyir. Və beləcə həyat həsrətilə ölür.

İnsan isə öldürməkdən ləzzət alır.

Həm də maraqlıdır ki, bütün canlılar üçün tədrici ölümü qəbul edən insan özü üçün yalnız qəfil ölüm arzulayır. İslam qəflətən öldürülən heyvanın ətini bizə haram buyurur. Gərək onu kəsəsən, qanı axanacan gözləyəsən, iliyini vurasan, bir sözlə, tədricən öldürəsən və bu ölüm səhnəsini müşahidə edəsən.

Bəlkə də tutduğum balıqların qarğışına düşmüşdüm – bir udum hava, bir anlıq həyat həsrətilə çırpınan balıq kimi buradakı balıqçının – «nazor»un gözü qarşısında ölürdüm.

Balıq ölümlə olum arasında can çəkişdirdiyi dəmdə balıqçı onun neçə kilo gələcəyini, neçə «re»yə[42 - Sovet rublu, yəni manat.] satılacağını düşündüyü kimi, «nazor» da bircə udum hava axtaran məhbusun yalvaracağı anı gözləyir.

Bu vaxt onun qulaqları kar, gözləri kor olur, ürəyi daş parçasına dönür. Sanki onu qadın doğmayıb, kişi əkməyib. İnsan mərhəməti görməyib, körpə həsrəti çəkməyib, yoldaş, dost qayğısından uzaq olub bu «nazor». Çiyninə poqon yapışdırmış hissiz-duyğusuz bir heykəldir o.

Yumruğunu var gücünlə dəmir qapıya döy, qışqır, bağır, nə qədər yalvarırsan yalvar, üzünü, arvad-uşağını söy – vecinə də deyil. «İçəridə ürəyi xəstə olan» var desən qulağına girməyəcək, istidən, havasızlıqdan ürəyin getsə, «görməyəcək».

Amma… «Kormuşka»nı yavaşca döy və mülayimcə çağır:

– Şahin…

– Nədi, qağa? – deyib tezcə yüyürəcək «kormuşka»ya.

– Boğulduq, axı!

– Rəis «obxoda»[43 - Burada başçəkmə (rusca).] gələcək, qorxuram.

– Al bunu.., – deyib, göy beşliyi uzatdı ona; rəis də, «obxod» da, hələ çiynindəki poqon da yadından çıxacaq o saat. Və… «kormuşka» açılacaq.

Lənət qapısı arxasında mürəkkəb dilli açarların qiyməti beş manat.

Daş ürəkli rəislərin, Allahın havasını belə pulla satan «nazor»ların gözlərinə pərdə, qulaqlarına tıxac, vicdanlarına örtük beş manat. 12 insanın həyatı bircə sən qədər də deyilmiş bu «nazor»un gözündə.

Əslində də elədir; Bayılda yatanların hamısı bilir ki, burada ölən, yaxud öldürülən məhbus üçün cəmi 72 qəpik xərc çəkilir. Burada insanı insan saymırlar, hər kamerada neçə baş məhbusun yatdığını sayırlar. Növbə dəyişəndə də «nazor» içəri girib baş hesabı sayır, baş hesabı da təhvil verir.

Bütün bu dəhşətli üzüntülər, bu göz-görəsi alçaqlıqlar, tükənməyən qəddarlıqlar, göz qabağındaca ölümlə çarpışan məhbusun fiziki əzabları səndə tədricən heyvani hiss aşılayır. Aylar ötdükcə bu heyvani hiss sənin qəlbində insanlara qarşı mərhəmət duyğusunu sıxışdırıb çıxarır, özgəsinin də, özünün də əzablarına qarşı səni biganələşdirir. Göz önündə ölənlər, artıq, sənə insan ölümü təsiri bağışlamır; dünənki kamera yoldaşın bu gün adi daşdan, inventardan fərqlənmir. Və zaman, ətraf mühit, zindan atmosferi get-gedə səni elə vəhşiləşdirir ki, üçcə aydan sonra ev də, körpələr də qismən yaddan çıxır. Xarici aləmlə məhbus dünyası arasında qatı bir duman yaranır, bu dumandan əks tərəfi görmək üçün yaddaşmı tarıma çəkməli, gözlərini bir nöqtəyə zilləyərək xəyalən görməli, xəyalən danışmalısan. Qoz qabığına girmiş qurddan fərqli olmadığını başa düşdüyün üçün bütün dünyaya, varlığa və yoxluğa, ümumən bəşəriyyətə nifrət yaranır səndə. Hər gün «buraxacaqlar səni» kəlməsini eşidə-eşidə, «aminist olacaq» deyə-deyə boş vədlərdən qurduğun illüziyanı, yavaş-yavaş öz əllərinlə dağıdırsan; daxili aləmini indiyə kimi öz içində gizlənən naməlum bir vəhşiyə təhvil verirsən.

Heç şübhəsiz ki, hər fərdin daxilində nəhəng bir div yatır. O divin oyanması, oyanıb bizi özünə tabe etməsi üçün əlverişli mühit gərəkdir. Türmə həmin vəhşinin, həmin divin oyanması üçün bəlkə də yeganə münasib yer sayılmalıdır.

Qadın ilk dəfə ərini dəyişəndə necə mənəvi əzab çəkirsə çəksin, bircə yol baş verən dəyişkənlik ona bu yolda geniş qapı açır.

İkinci, üçüncü dəyişkənliklə yüzüncü dəyişkənliyin daha heç bir fərqi olmur; sonrakı xəyanətlər daha ona heç bir mənəvi əzab vermir.

Daxili inamı qırılmış məhbusun da öz varlığını vəhşiyə bağışlaması özlüyündə mənəvi yoxsulluq gətirmir. Bu sosial bəla məhbusu diri-diri ovunun gözünü didən qartala, «hannibalizm» tərəfdarına, əsl sadistə çevirir. Əlində iynə öz qoluna, yaxud «bratan»ın qoluna, sinəsinə, kürəyimə, ayağına və yumşaq yerinə «nakolka»[44 - 1) Döymə, tatu 2) Yerini xəbər vermə (rusca).] vuran məhbus başqasına verdiyi bu əzabdan zövq alır. Əzab çəkən özü də, heç olmasa, iynələndiyi müddət ərzində xarici aləmdən ayrıldığına görə bu fiziki əzabdan iynələnərək ləzzət alır. Çoxları çöldə törətdiyi cinayət və qəbahətin əvəzini bu yolla özündən, öz bədənindən çıxarır (cismani cəza mənəvi cəzadan öncə yaranıb). İynələrin yerindən çıxan qan onlarda və digər kamera yoldaşlarında ikrah hissi doğurmur, əksinə, onları insan qanına hərisliyə çağırır. Bu iblis çağırışı, bu iblis səsi çoxlarının beyninə əbədi həkk olunur. Dünən xırda bir səhvə görə bura düşən məsum bir gənc bu gün qan axıtmaqdan ləzzət alır, dili ilə bu qanı yalayır, onun qoxusundan, dadından nəşələnir. Kamerada nə qədər kəsif qoxu olursa olsun, bu bir iynə deşiyindən çıxan qanın iyi hökmən hiss olunur, məhbusa qəribə bir həlimlik gətirir. Və onda heç təəccüblənmirsən ki, nə səbəbə köpək balığı qan iyini neçə kilometr uzaqdan hiss edə bilir!

Prokuror, müstəntiq, hətta, büt kimi təmiz olsa belə, sən ona da qan hərisi, qana susamış iblis kimi baxırsan.

Bunları duyduqca da köpəkləşdiyini, yırtıcılaşdığını hiss edirsən. Bu qan iyi səni daha çox qana, qan təşnəsinə, qan ümmanına səsləyir…

Kimin sifətinə baxırsan, qan izi görürsən.

Kimin gözlərinə baxırsan, qan axtarırsan.

İnsanı ətsiz, sümüksüz bir test qan kimi görürsən…

Və üzmək istəyirsən bu nəhayətsiz qan leşkərində…

Budur istintaq izolyatorunun məhbusa bəxş etdiyi mənəviyyat.

Budur «nazor» biganəliyinin, rəis karlığının, «oper» korluğunun nəticəsi.

Budur «cəmiyyətdən müvəqqəti təcrid etmə»nin nailiyyətləri.

Sabah baş kəsib, qəssab kimi insan şaqqalayacaq sadisti bu gün özümüz formalaşdırırıq.

Əhsən belə cəmiyyətə!

Əhsən belə qanuna, belə hakimiyyətə!…

Kameraya verilən çörəyə çörək deməyə adamın dili gəlmir, «burjuy»lar adi «zek»lərdən fərqlənərək ağ çörək alıb yeyə bilirlər ki, bu da digər məhbuslarda onlara qarşı nifrət hissi doğurur. Burası da var ki, qəbul olunmuş qaydaya görə, hər «daçka»[45 - «Peredaça» sözündən – sovqat mənasında (rusca).] alanda (yəni evdən yemək gələndə) «burjuy» ас kameralara «qrev» göndərməlidir. «Qrev» maddi yardımdır və bu termin, Rusiya türmələrində «podoqrev»[46 - Hərfi mənası qızışdırma (rusca).] kimi qəbul olunub. Onun az-çoxluğunun elə bir təfavütü yoxdur. Təki olsun. Özlüyündə bu iş xeyirxahlığa oxşasa da, əslində rüşvətdir. Çünki «qrev» almayan «stroqaç» başını «kormuşka»dan çıxarıb qışqıracaq:

– «Burjuy»i, müsulmani, acgöz haramzadalar, «krısa»lar!

«Burjuy» da bu təhqiri eşitməmək üçün rüşvət verməyi üstün tutur.

Hər «nazor» növbəyə gələndə qoynunda-qoltuğunda bir, ya iki çörək, bir neçə qutu çay gətirir. Fotoqraf və əl izi götürən də beləcə gətirdiklərini birə beş qiymətə «burjuy»lara xidmət eləyirlər.

1985-ci ildə 1-ci korpusun ikinci mərtəbəsində 38, 39, 45 «burjuy», 41 və 44 isə «yarım burjuy» kameraları idi, 1985-ci ilin sonuna yaxın 45 və 41 №-li kameralar rəqabətə dözə bilməyib markalarını əldən verdilər.

Əsasən 38-ci, 39-cu və 41-ci kameralar ağ çörəklə təmin olunur, Hind çayı, «Rus arağı» içir, «kormuşka» larını, hətta, bəzən qapılarını neçə saat açıq saxlayırdılar. Daxili qaydalar buna icazə vermir – pul isə qaydaları istənilən məcraya yönəldə bilir.

44-cü kamera «stroqaç»ların[47 - Stroqiy – ciddi (rusca) sözündən.] idi. «Stroqaç» – ağır cinayət üstündə ikinci və üçüncü dəfə tutulanlara deyirlər. Müvəqqəti saxlama kameralarına hərdən «tranzit»lər, yəni Bayılda bir neçə gün saxlanılıb sonra başqa türməyə, başqa respublikaya göndərilənlər də düşürdülər.

«Osobıy»lar[48 - Xüsusi (rusca) sözündən.] da birinci korpusda hərdən müvəqqəti «qonaq» saxlanılır. «Polosatıy»[49 - Zolaqlı (rusca).] məhbusun əynində, doğrudan da, eninə zolaq-zolaq xətli paltar, «teleqreyka»[50 - Xüsusi qalın paltar növü (bədəni isidən mənasında – rusca).] olur.

İlk tutulanlarla «stroqaç»ların və «polosatıy»ların əsl fərqini başa düşmək üçün onların gözlərinə baxmaq kifayətdir; təzə hələ utancaqdır, gözlərində ümid işığı, qorxu hissi var.

«Stroqaç» buranı öz evi bilir; ona nə türmə qapılarının qalınlığı təsir edir, nə də «nazor»un yekəbaşlığı. Əslində «nazor» özü onlardan ehtiyat edir, çəkmir.

«Polosatıy» üçün nə Bayıl türməsi var, nə qaranlıq, nə də işıq. Onun üçün amnistiya da boş sözdür, koloniya da. Başını dik tutub şax yeriyir, heç kimin üzünə baxmağı özünə rəva bilmir. Daxilən tükənmiş adamdır, zahirən məğrur, əyilməz. Ümumiyyətlə, cəmiyyət tərəfindən sayılmayanlar ədalı olur. Onları xüsusi kameralarda – «smertnik»[51 - Ölümlü (rusca).], ya da «vışak»[52 - Güllələmə cəzası almışlara deyilir (vısşiy sözündən – rusca).] kamerasında saxlayırlar. Bu korpusda sakitlik hakimdir – milçək uçsa səsi eşidilər. Ağzıboş «nazor»ların verdikləri məlumata görə, «vışak»ları elə burada, Bayıl türməsinin zirzəmisində xüsusi təchiz olunmuş kamerada güllələyirlər (əgər, onlar «tranzit» deyilsə).

Bu əməliyyatı, adı bizə məlum olan iki starşina yerinə yetirir. Əməliyyat belə aparılır: gecə təqribən saat 11-dən sonra bütün «kormuşka»lar bağlanır. Bu prosesi nə qədər gizli aparmağa çalışsalar da, hökmən hiss olunur. Həmin gün adı məlum iki starşina adi vaxtlardan fərqli olaraq gecə öz iş yerlərində görünürlər ki, bu da əməliyyatı məhz onların aparmaqlarına maddi sübutdur. «Vışak» əvvəlcə həkim müayinəsindən keçir.

Ölümün astanasında olduğunu başa düşən «vışak»lar özlərini müxtəlif cür aparırlar. Qorxusundan kameradan çıxmaq istəməyib ürəyi partlayanlar da olur, zirzəmidəki xüsusi kameraya aparılanda şəstlə addımlayanlar da, özünü batıranlar da… «Vışak» heç vaxt güllələnməyə aparıldığını dəqiq bilmir. Adətən, «müstəntiq gəlib» bəhanəsi ilə aparılır. Ancaq o da uşaq deyil ki, yağlı dilə tutasan.

Xüsusi kameraya salınan «vışak» tərtibatlar arasında tərpənmək imkanından məhrum edilir və elə vəziyyətdə yerləşdirilir ki, dəmir qapının xüsusi deşiyindən onun təkcə allahlığı görünür. Mümkün altı sərbəstlik dərəcəsindən məhrum edilmiş «vışak» anbaan öz ölümünü gözləyir. Silah (avtomat) qabaqcadan sazlanır, ölüm hazır vəziyyətdə «vışak»ın başının üstündən asılır. Ölümün labüdlüyünü yüz faiz başa düşən «vışak», qapı üzünə örtüləndən sonra sosialist qanunçuluğunun ona bəxş etdiyi bu bir neçə saniyədə nə düşünür görəsən?

Üzünə ölüm hökmü oxunandan sonra ta bugünkü ana qədər «pomilovaniye»[53 - Əfv, bağışlanma (rusca).] gözləyən bədbəxt ölümlə qucaqlaşmalı olduğu dəqiqədə də bağışlanacağını gözləyir?!

Ölüm avtomatın tətiyində!

Ölüm avtomatın lüləsində!

Ölüm «vışak»ın allahlığında!

Və bu üç nöqtə əslində cəllad vəzifəsini icra edən «starşinanın barmağının tərpənməsi ilə birləşir: bir insan ömrünə avtomat gülləsi uzunluğunda nida işarəsi qoyulur.

İnsanın insana xidmətinin qəribə formasıdır bu…

Humanist qanunlarımızın təntənəli yekunudur bu…

Bir neçə dəqiqədən sonra qapı açılır, meyit götürülür. Qan yeraltı yolla Xəzər dənizinə axıdılır…

Qəbul et, anamız Xəzər, qəbul et! Bir zavallının da qanını öz sularına qarışdır. Bu əmri icra edən zabit, yaxud cinayət işini şişirdib bu nəticəyə gətirən müstəntiq də həmin gün bir sarışın Marusya, yaxud qarayanız Nairi ilə sənin zümrüd ləpələrinə baş vursun, qan qarışmış suyundan bir ovuc götürüb onun mərmər sinəsinə çiləsin…

Başqa bir «xanım» isə əlində «Hökm yerinə yetirildi!» yazılmış bir parça kağız körpələrini başına yığıb ağladıqca-ağlasın.

«Atam haradadır? Atama nə olub?» suallarına ürək parçalayan hönkürtüylə cavab versin.

Allah da hər iki səhnəyə səbirlə tamaşa etsin, haqlını haqsızdan ayırmağı uzaq, naməlum bir vaxta, axirət gününə saxlasın.

Başqa bir «nazor»un dediklərinə görə meyitin başı balta ilə bədənindən ayrılır, baş sinə üstünə qoyulur və bu sayaq şəkil çəkilir. «Hökm yerinə yetirildi!» cümləsi ilə bu şəkil də təsdiqedici fakt kimi Moskvadakı cənablara göndərilir.

Bu da inandırıcıdır, hər halda «öldü» sözünü «öldürüldü» sözündən fərqləndirən bir şəkil hökmən olmalıdır. Daha Moskvaya meyitin özünü göndərməyəcəklər ki…

Qətl axşamı başa çatır. İcraçılar akt tərtib edib qollayırlar. Səhəri gün tezdən saat 7-8 radələrində pəncərələri bağlı «UAZ» naməlum istiqamətə yol alır. Filan nömrəli məhbusun başı kəsilmiş meyiti yandırılmaq üçün filan yerə aparılır…

… İçəri girməyimlə arxamca qapının bağlanması bir oldu. Gözlərim alacalandı. Yarıqaranlıq otaqda sifətlərinə qeyri-adi sarı rəng çökmüş bir dəstə adam vardı. kimi öz yerində uzanmış, kimi də stol arxasında oturmuşdu. 22 göz dikilmişdi gözümə. Hələ bu yerlərin qayda-qanunlarına bələd olmadığımdan çaşıb qalmışdım. 50-55 yaşlarında arıq, sifəti qırışmış, gözləri işıldayan yəhudi yaxınlaşıb salamımı aldı. Oturmağa yer göstərdi. Nəfəsimi dərib oturdum.

– Yaşa, – deyə özünü təqdim etdi, – Yakov Danil. Köhnə işlə Qaradağdan gəlmişəm. «Karandaş»gillə tutulanlardanam. Bu yoldaşları sənə təqdim edim: Adil – Salyandan gəlib, 88-1-lə oğurluq mal satdığı üçün tutulub. Cəfər – rüşvət almaya-almaya rüşvət maddəsi ilə gəlib. Bəxtiyar – naxçıvanlıdır, 88-1-lə gəlib. «Avşaq»ımız – bu cavan oğlandır. Sabah məhkəməsidir. Bu biri Bəxtiyar isə «barıqa» kimi tutulub…

Tanışlıq uzun çəkdi. Təqdim olunanlar haqqında əlavə məlumat verənlər də tapıldı.

«Nara»nın birinci mərtəbəsində lap axırıncı yerdə «sever»in qabağında bir məhbus da oturmuşdu. Sakitcə qulaq asır, söhbətə qoşulmurdu. Maraqlı idi ki, tanışlıq verənlərdən onu xatırladan olmadı.

Özümü təqdim etdim. Bütün titul və vəzifəmi, çoxsaylı maddələrimi saydım.

– Bundan sonra yadda saxla, – Cəfər dilləndi, belə maddələrə buket deyirlər. Müzəffərə ilişmisənsə, işin çətin olacaq. O, Sabirin qudasıdır.

Suallara təmkinlə, sakitcə cavab verirdim. Axır ki, dillər yoruldu, suallar tükəndi.

– Yaxşı, – Yaşa ətrafa göz gəzdirdi, – müəllim harda yatacaq?

Gözlədiyimin əksinə olaraq mənə öz yerlərini verənlərin sayı çox oldu. Həm də bir tərəfdən bəxtim gətirmişdi ki, formal surətdə «avşaq» vəzifəsini icra edən Baloğlan sabah məhkəməyə gedəcək, çox güman ki, sabah da öz «srok»[54 - Həbs müddəti (rusca).]unu alacaq və «osujdyonka»[55 - Məhkəməsi olmuş dustaqlar (rusca).] kamerasına salınacaqdı. Demək, yer boşalacaqdı. Müzakirə mənim xeyrimə həll olundu: hələlik ikinci mərtəbədə, Puşkinə, məhkəməyə aparılmış Xosrov kişinin yerini tutası oldum.

Öz yerimə qalxdım. Qalan təlimatı Baloğlan verəsi oldu, özü də pıçıltı ilə:

– Ora, – barmağı ilə pərdəyə tutulmuş dördkünc yeri göstərdi – «sever»dir, yəni ayaqyolu. Gün ərzində ora iki dəfə ağır getmək olar: səhər və axşam su gələndə. Yüngül getməyə həmişə icazə var. Getməmişdən qabaq bax, əgər stolun üstündə ağzı açıq qab, kiminsə əlində yemək, yaxud siqaret varsa, getmək olmaz. Getməzdən əvvəl ucadan «sever!» demək lazımdır ki, məsəl üçün, ağzında konfet olan kəs onu udsun. Siqaret çəkən şəxs siqaretini söndürsün. «Sever»in qabağındakı «nara»ya «quşxana» deyirlər. Ora… ora «petux»ların yeridir. Yəni, onlardan qadın kimi istifadə etmək olar. Onunla əl verib görüşmək, bir stol arxasında oturmaq olmaz. Onun qabından istifadə etmək, yaxud başqasının qabında onun yemək yeməyinə razılıq vermək olmaz.

– Bəs hamı çörək yeyəndə necə? – soruşdum.

– Hamı yeyəndə o, öz yerində uzanır. Biz durandan sonra oturub yeyir. Qayda belədir… Onun qaşığının dəstəyinə, krujkasına xüsusi nişan vurulur ki, tanınsın…

«Petux» hər kamerada olur. Bəzən kamerada çox böyük qəbahət etmiş, yaxud arxasınca «qara ox» gəlmiş məhbusu da kamera məhkəməsinin hökmünə görə «petux» edirlər. Nə qədər inandırıcı olmasa da, bu əməliyyat bütün türmələrdə, bütün kameralarda aparılır.

Fakt faktlığında qalır. Mənim də faktları, danmağa mənəvi haqqım, hüququm yoxdur. «Petux»un qabında kiçik deşik açırlar ki, onun qabları əlamətinə görə fərqlənsin. Yoxsa, Allah eləməmiş, onun qabından kimsə təsadüfən istifadə edə bilər.

Əsas «vəzifəsi» ilə yanaşı, «petux» qulluqçu, zibildaşıyan, «işverən» vəzifələrini də icra edir.

Kamera məhkəməsi özlüyündə dövlət məhkəməsindən ciddi şəkildə fərqlənmir. Onun da müttəhimi, hakimi və iclasçısı, prokuroru və vəkili var.

Məhbuslar əsl məhkəməyədək özləri sınaq məhkəməsi qururlar. Bu sınaq məhkəməsini məhkəmə prosesinə gedəsi «bratan» üçün bir neçə dəfə təkrar edir, eynilə məhkəmədə olduğu kimi, hətta, bir az da ciddi suallar qoyulur. Burada da vəkil müdafiə edir, prokuror iş «oxuyur», hakim və iclasçılar məşvərətə gedir və nəhayət, hökm elan edilir. Maraqlıdır ki, oxunan hökm əksər vaxtlarda əsl hökmlə eyni olur. Özü də kamera hakimi xalq hakimindən daha sərt mövqe tutsa belə, ondan daha ədalətli, daha insanpərvər olur. Çünki, kamera hakimi müttəhimi başa düşür, onun çəkdiyi mənəvi əzabları görür.

Bir də… Kamera hakimi hakim statusu almaq üçün bir qucaq rüşvət vermədiyindən «zek»dən də rüşvət tələb etmir; burda nə güzəşt var, nə də təmənna.

Məhbus kamerada istər pis, istərsə də yaxşı cəhətdən formalaşır, daha prokuror həzrətləri onun üçün elə bir məna kəsb etmir. Hakimin onsuz da standartdan kənara çıxmayacağını bilən şəxs üçün əvvəlcədən planlaşdırılmış və kamera «hakimi» tərəfindən oxunmuş 12 il əvəzinə xalq hakiminin oxuyacağı 13, yaxud 14 il sayının fərqi yoxdur. Ümumiyyətlə, təcridedilmə müddəti uzandıqca əsəbləri kütləşən, məhəbbətini nifrəti ilə əvəz edən məhbus üçün ilk ayların çətinliyi, çox iş almaq qorxusu aradan qalxır, «nazor» da, «oper» də cılızlaşır. Çoxları üçün hər şey adiləşir, göz yaşı azalır, sırtıqlıq və şit zarafatlar ürəklərə yol tapır…




«ÇEFİRŞİK»


Eyni çəmənlikdə öküz – ot, it – dovşan, durna – kərtənkələ axtarır…

    L. Seneka

21 yanvara «avşaq» seçkisi təyin olundu. «Avşaq» «obşak» sözünün təhrif olunmuş formasıdır və yalnız Bayıl türməsində «avşaq» kimi tələffüz olunur. «Obşak» həbsxanada ümumi kassaya deyilir. Bu kassa bir nəfərə həvalə olunur ki, həmin şəxs də müəyyən imtiyazlara malikdir.

İndi bütün İttifaqda[56 - Keçmiş Sovet İttifaqının 1985-86-ci illəri nəzərdə tutulur.] səs-küyə səbəb olan aşkarlıq və demokratiya türmədə yüz illərdir ki, hökm sürür, məxsusən «avşaq» seçkisində.

Məhbus saxlaya bildiyi bircə gilə sərbəstliyi də «avşaq»a həvalə edərək özünü müəyyən mənada yüngülləşdirir. «Avşaq» qanunun keşiyini çəkməli, kameradakıların sözünü, tələb və xahişini yuxarılara çatdırmalı, ədalətli pay bölgüsünə rəhbərlik etməlidir.

Çox vaxt isə… «avşaq» ədalətsiz pay bölgüsü yaradır, özü müftəxor parazitə çevrilir, yuxarıda oturub öz «dolya»sını alır, iş görmür, əmrlər verir, «razborka» aparır.

«Razborka», yəni, hər hansı bir mübahisənin çözülməsı əksər hallarda güclünün, imkanlının, sözükeçənin xeyrinə həll olunur. Bir sözlə, ədalətsizliklə dörd divar arasına düşmüş gücsüz, pulsuz və kimsəsiz məhbus daha acınacaqlı halla rastlaşır, ədalətsizliyin astarını da görür, üzünü də.

«Avşaq» toxunulmazlıq statusuna malikdir. Onun sözünün qabağına söz deyilə bilməz. Əks təqdirdə söz deyənə «maya» qoyulur. «Oper»lərin birinə 200 re rüşvət verib adamı başqa kameraya göndərirlər. Kameranın ümumi kassası, yəni «obşak» pulları da «avşağın» sərəncamında olur.

38-ci kamerada bu pullar qeyri-qanuni xərcləndiyi, yəni aidiyyəti üzrə xərclənmədiyi üçün tez-tez mübahisə yaranırdı. Nəhayətdə ikitirəlik alındı və türmə praktikasında, bəlkə də, ilk dəfə bir kamerada iki «avşaq» fəaliyyət göstərəsi oldu.

Axşam, Baloğlan «srok»un alandan sonra «kormuşka»dan bizimlə əhvallaşıb ayrıldı (məhkəmədən sonra imkansız «zek» kameraya girə bilmir, çünki girib yoldaşlarla görüşmək üçün «nazor»a ən azı 50 re pul verməlidir). Ayrılanda da öz təqdimatını verib:

– Müəllimə mən də səs verirəm, – dedi.

Sən demə, «avşaq» seçkisində mənim namizədliyim nəzərə alınıbmış.

Hər gün, təqribən saat 10 radələrində «zek»i proqulkaya[57 - Gəzintiyə (rusca).] çıxardırlar. Heyvan saxlayanlar bu işin nədən ibarət olduğunu yaxşı bilirlər. Eyni ilə qoyunları otlamağa aparan kimi «nazor» «zek»ləri qabağına qatıb «proquloçnıy» həyətə aparır. Bu həyət Bayıl türməsinin I korpusunun kəllə tərəfində, üstü üç sıra qalın armatur çərçivə ilə qaynaqlanıb örtülmüş dəmir qapılı balaca bir sahədir. «Zek»in ayaqları tutulmasın və üzünə hava dəysin deyə, gün ərzində bir dəfə onu bu tövləyə çıxarır və 15-20 dəqiqə burda saxlayırlar. Tövlələrdən bircəsi 40 kv. metrdir. Digərlərində heç gəzmək, daha doğrusu «tasovka»[58 - Burada var-gəl etmə (rusca).] üçün yer də çatışmır. Məhz, həmin tövlədə «tasovka» etmək üçün «burjuylar» arasında rəqabət aparılır. Hansı kamera 5 re versə, həmin gün böyük tövlədə «tasovka» edir, həm də düz bir saat. Yalnız bu gəzinti «zek»i hələ də həyatın mövcudluğuna inandırır. Tavan yerindəki dəmir barmaqlığın arasından görünən mavi səma, qara bulud bir də Bayıl türməsinin həyətindəki böyük tut ağacı ona həyatın varlığını andırır.

İybilmə qabiliyyətini, qismən də olsa, saxlamış burnumuz çöldən kameraya qayıdarkən bizə it damına girdiyimizi xatırladırdı. İnsanın iyi itin iyindən də pis olarmış, İlahi! Bu iyin heç olmasa azalması xatirinə hər həftə hamamçıya 10 re pul verməlisən ki, kameraya hamam günü təyin etsin.

Bütün bu təşkilatçılıq işi, ərzaq məhsullarının alınması və səmərəli bölüşdürülməsi, kamera haqlarının vaxtında verilməsi «avşaq»m vəzifə borcudur…

… İclası Yaşa açdı. Giriş sözü qısa və aydın söylənildi. Köhnə «avşaq»ın təcrübəsizliyi, cavanlığı, buraxdığı xırda səhvlər qeyd edildi. Üzlərdə şən təbəssüm də hiss olunurdu, istehza da. Çıxışlar başlandı.

Həmdəmov Əzizalı söz alıb əvvəlcə sakit, sonra tələsə-tələsə qısa çıxış etdi:

– Bizə qoç lazım deyil, ağıllı yoldaş lazımdır. Elə öz adamımızı Allah özümüzə yetirib. Müəllim olsun «avşaq».

Cəfər onun sözünü ağzından aldı:

– Şərikəm. Dünyagörmüş adamdır. Xosrov kişidən də yaxşı «avşaq» olardı, ancaq onun məhkəməsi başlayır, bu günlərdə gedəcək. Müəllim təzə gəlib, hələ azından altı ay buradadır. Onu seçsək, uzun müddət işləyə bilər.

Bir qımıldandım ki, deyəm, «Özünə qismət olsun altı ay», ancaq səbrimi basdım, çaşdığını fikirləşdim. Hardan biləydim ki, Cəfər hələ mənə hörmət eləyib, müddəti yanbayan azaldıb?!

Səsverməyə ehtiyac qalmadı. Çıxışçıların hamısı bir rəy verdi, yekdilliklə seçildim. Sevindirici idi, acınacaqlı idi, deyə bilmərəm, ancaq bir hiss çökmüşdü ürəyimə: bu yol uzaq yol olacaq! Sonu məchul, qaranlıq bir dəhliz boyunca addımlayırdım. Bu qəribə estafet heç də təsadüfən verilmirdi mənə. Tale acı oyuna başlamışdı mənimlə – bu hələ acı oyunun tumurcuqları idi.

Ömür yolumuza diqqət kəsilsək, hər günümüz, həyatımızdakı hər əlamətdar və yaddaqalan günümüz ağıllı rejissorun səhnə dəyişikliyi kimi qanunauyğun şəkildə qabaqcadan ölçülüb-biçilib. Bir yer boşalmamışdan əvvəl həmin rolun ifaçısı seçilir, bəlkə, bir gün qabaq, bəlkə, bir gün sonra öz yerinə oturdulur. Qismət deyirlər buna.

Qismətimə «avşaq» olmaq düşmüşdü…

Seçildiyim gün, daha doğrusu, gecə ədalətli olacağıma söz verdim. Kimə? Özümə! Daha bu dünyada əlim yetən heç kəsim yox idi. Elə həmin gecə də yadıma düşdü ki, əlamətə inanan olmasam da, 1984-cü ildə bir qaraçı əlimdən tutub yarıxoş-yarızor «falıma» baxmışdı.

– Səni uzun yol gözləyir, dostlarından qoru özünü, – demişdi. Qoruya bilmədim. Dodaq-dodağa öpüşdüyüm, hər axşam sağlığıma badə qaldıran, mənim hesabıma yeyib, mənim hesabıma şellənən «ürək» dostlarımdan, «kürək» dostlarımdan, «gərək» və «çörək» yoldaşlarımdan qoruya bilmədim özümü. Bədbəxt qaraçının sözünü qəribliyə salıb, bədbəxt günə qaldım. İndi bu uzun yolun başlanğıcında özümü toplayıb hər şeyə hazır olmalı, çətin də olsa, yaşamalıydım. Əgər buna yaşamaq demək olardısa…

Səhəri gün kamerada hər şey dəyişdi. Bayıl türməsində yüz ildən bəri ilk dəfə 39-cu kamerada iməcilik tətbiq olundu. Təmizlik işi dərdlilərin dərdini, azacıq da olsa, yüngülləşdirirdi.

«Obşak» pulları toplandı – cəmi 800 manat alındı. Ayın birinə kimi hələ bir həftə vardı. Buna baxmayaraq, «oper» Xasaya 200 re verib, «petux»u kameradan uzaqlaşdırdım. Atdığım bu addım hamıya, xüsusən Əzizalıya yaxşı təsir bağışladı. Allahı sevən və ona itaət edən Həmdəmov, ümumiyyətlə, çox şeydən iyrənir, kamera həyatına, «petux»un varlığına dözə bilmirdi. Nisbətən az danışan, qaraqabaq Adil də bu addımı alqışladı.

(Sonralar Əzizalı işləri dolaşdıqca, həbsdən yaxa qurtara bilməyəcəyini başa düşdükcə, Allahdan üz çevirməyə başladı).

Növbətçilik cədvəli tutdum. Vəzifə bölgüsü aparıb hamını işlə təmin etdim. Başqa «avşaq»lardan fərqli olaraq, çörəyin və ərzağın ata malı kimi düzgün bölünməsinə şəxsi nəzarət etdim. Güman etdim ki, hər şey qaydasındadır və narazı qalan yoxdur.

Günlər beləcə ötürdü. Dəmir qapıdan, dəmir barmaqlıqlı pəncərədən çöldəkilər barədə məlumat ala-ala ömrü boşa verirdik. Nə müstəntiqdən xəbər vardı, nə məhkəmədən; başqaları kimi mən də yaddan çıxmışdım. Özüm öz taleyimlə barışaraq gözləyirdim.

Kamerada mehribançılıq hökm sürürdü. «Proqulka»dan sonra domino oyunu başlayır, düz nahara kimi davam edir, nahardan sonra yenidən qızışırdı. Başqa heç bir məşğuliyyət yox idi. Bir bədii əsəri neçə dəfə oxumaq, vərəqləmək, müzakirə etmək olar! Qəzet yox, jurnal yox, radio-televizor haqda düşünmək belə olmaz. Nə qədər uzanmaq, nə qədər yatmaq olar?!

Bu sabitliyin, bu əmin-amanlığın içərisində qəribəliklər də var idi. Kameraya bir cavan oğlan göndərdilər – 226 ilə. Geniş yayılmış maddədir – narkotik maddələr qəbul edənlərə verilir. Özünə iynə vuran, yəni «şəbitləyən» yoldaşın «burjuy» kamerasına salınması sensasiya idi. «Oper»lərdən öyrəndik ki, bunlar bir neçə qardaşdırlar. Ataları, özləri və bunun həyat yoldaşı həm «çəkən», həm də «vuran»dırlar.

Çöldə «vuran» kəlməsi, adətən, araq içənlərə yapışdırılır. «Filankəs bərk vurandır», «filankəs möhkəm vurandır», «gedək vurmağa» və s.

«Zon»da (kolona[59 - Düşərgə, koloniya (islah-əmək koloniyası)] belə ad qoyublar) və türmədə «vuran» iynə vuran, narkotik maddəni daxili inyeksiya yolu ilə qəbul edənə deyirlər.

«Filankəs iynəyə oturub» – yəni daha çıxılmaz vəziyyətdədir, müalicəedilməzdir, iynələnməkdən arıqlayıb çöpə dönüb.

«Filankəs çəkəndir» – deməli, nəşə, konoplya[60 - Çətənə (rusca).], tiryək və bu kimi narkotik maddə çəkir.

«Filankəs satandır» – özü çəkməsə də, narkotik alveri ilə məşğul olur.

Bu zəhrimarlar da müxtəlif kateqoriyalara bölünür. Ümumi ad kimi hamısına «şey» deyilir. Özü də «şey» sözü bütün ittifaqda oğru jarqonu kimi qəbul edilib.

«Bərk»dir – yəni, tez təsir edəndir, güclüdür.

«Boşdur» – yəni, zəifdir.

«Tufta»dır – deməli, başqa aşqarla qarışdırılmış vecsiz maldır…

«Şey»i kameraya müxtəlif üsullarla göndərirlər.

Qanuni yolla, yəni, «nazor» həzrətlərinin vasitəsilə.

«Daçka» ilə, yəni, evdən, yaxud dost-tanış göndərdiyi ərzaq məhsullarının birinin içində; amma çörəklə sərfəli deyil, çünki «nazor» çörəyi oğurlayıb kameralara satır. Həm də «şmon»şik çörəyə diqqətlə baxıb ondakı deşik yerini görə bilər. Xörəklə olmaz – sellofan qab deşilər, xörək cəhənnəm, «şey» xarab olar. Şəkərbura yaxşıdır; onu da ancaq bayram vaxtı göndərmək olar.

Çarə qalır qoz və fındığa. «Çəkən» «daçka» alandan sonra «telefon»la bildirirlər ki, yaxşı qoz, yaxud, yaxşı fındıq göndərmişik. İçəridə qozları bıçaqla səliqə ilə iki yerə ayırıb yoxlayırlar. «Burjuy» kameralarında bıçaq, qayçı, lezva, elektrik spiralı, saxsı və şüşə qab saxlanılır. Kameralarda ayda iki dəfə «şmon» aparılsa da «şmonşiklər» bu qabları və alətləri «görmürlər», çünki görməmək üçün ayda 30 re alırlar. Qozların birindən, nəhayət ki, «şey» tapılır, «çəkənlər» üçün əsil bayram da onda başlayır.

Çöldəkilər içəridəkiləri həmişə aldada bilir və özləri «yaxşı oğlan» kimi qalırlar; «telefon»la bildirirlər ki, sənə üç və ya beş «baş», yəni üç çəkimlik, yaxud beş çəkimlik «şey» göndərdim. Axtarış nəticə verməyəndə «zek» günahı çöldəkində yox, «nazor»da görür, guya «nazor» hansı qozun, hansı fındığın içində «şey» olduğunu başa düşüb, çırpışdırıb. Doğrudur, belə hallar da olur. Ancaq çox vaxt birinci hala təsadüf olunur.

İçəridə də «şey» müxtəlif yollarla kameradan kameraya ötürülür. Təcridxana nə qədər sərt qanunlarla yaşayırsa yaşasın – yeddi yox, lap yetmiş yeddi dəmir qapı vasitəsi ilə «zek» xarici aləmdən təcrid olunsun – xeyri yoxdur. Bütün istintaq izolyatorlarına min bir yolla «şey» gətirilir, çəkilir.

Məharətə bax, əgər «nazor» əzazil deyilsə, (hanı eləsi?) yenə iki yanaşı kamera bu balaca, bir adamın başı zorla keçən «kormuşka»dan bir-birinə «şey» ötürə bilir.

Hansı yolla? «Kon», yəni «at» deyilən çox sadə üsulla. «Nazor» yatandan sonra hər «kormuşka»dan bir ucu «Г» hərfi şəklində qatlanmış məftil üfüqi istiqamətdə çıxarılır. Göndəriləcək «şey» sapın ucuna bağlanır və bu sapın bir ucu ikinci «kormuşka»ya tərəf atılır. Ola bilər ki, sap ikinci məftilin üstünə düşməsin. Onda əməliyyat məftilin üstünə düşüncəyədək təkrar edilir, düşəndən sonra məftil içəri çəkilir, sap tutulur, astaca dartmaqla qonşuya xəbər verilir.

Yaxud üst kameradan, yuxarı mərtəbədən aşağı mərtəbəyə pəncərə qarşısındakı jalüzün (qabırğanın) arasından «kon» buraxırlar. Aşağı mərtəbədə də məftillə həmin iş təkrar edilir və «şey»in qəbul edildiyi yenə ipi astaca dartmaqla bildirilir.

Bu yolların hər ikisi bağlanmış olsa, yəni nə «nazor» yatmasa, nə də pəncərə qabağındakı qabırğadan «kon» keçməsə, onda daha çətin və çox güman ki, adi insanın ağlına gələ bilməyəcək bir yol, kanalizasiya yolu seçiləcək. Üst-üstə kameraların kanalizasiya boruları adətən içəridən keçir və ayaqyolun çaşası ona birləşdirilir. Şübhəsiz ki, sifonla. «Zek» yuxarı mərtəbədə sellofan torbacığa «şey» bağlayıb yenə «kon» vasitəsi ilə ümumi sifona atır, ipin bir ucunu isə özündə saxlayır. Sifona bir qab su tökməklə həmin «şeyi ümumi kanalizasiya borusuna ötürür. Sonra öz ağzını sifona yaxınlaşdırıb «getdi» deyə xəbər verir. Aşağı mərtəbədəki «zek» bu vaxt qulağını sifona söykədiyindən xəbəri eşidir, sifonun içərisindən ucu qıra kimi əyilmiş məftil salıb həmin ipi, çətinliklə də olsa, tutub içəriyə çəkir. «Şey»i götürəndən sonra ağzını sifona tutub «Çatdı!», – deyə xəbər verir. Qulağını sifona tutmaq növbəsi bu dəfə yuxarıdakının payına düşür…

39-a göndərilən «çəkən»in çöldə bircə qoca, bədbəxt anası qalmışdı. Ona görə də «şey» alacağına heç bir ümidi yox idi. Ancaq bir xeyli gopa basıb pul və mal, yemək və «şey» alacağını bildirdi. Bizi «şey» maraqlandırmasa da, qaydalara əsasən onu «obşaq»a yəni «kotyol»[61 - Qazan, tiyan (rusca).]a yazdıq, avans «telefon» danışıqlarını öz hesabımızdan ödədik.

Günlər keçdikcə təzə yoldaşımızın iç üzü açılır, qaşqabağı tutulurdu. Günlərin bir günü xahiş etdi ki, ona «obşak»dan bircə qutu çay verək.

Bununla da hər şey bizə aydın oldu.

Əli hər yerdən üzülən, bütün imkanlardan məhrum olan bu cavan son ucuz yola qədəm qoymuşdu.

Başlanğıcı güzgü kinli hamar, sonrası kələ-kötür və daş-kəsək, nəhayət, uçurum olan bir yoldur bu yol.

«Vuran»ların imkanlıları qramı 200-300 manat olan «ağ»dan, yəni kokaindən başlayırlar. Bunu dodaq-burun gedirlər – «Kazbek» və ya «Belomorkanal» papirosunun müştük hissəsi ilə xırda porsiyaları burunlarına sorur, dodaqlarına yaxır və nəşələnirlər. Sonra tədricən «iynə»yə otururlar. Kokain vuranlara «aristokratlar» deyilir. «Şirva», yəni, morfi, promidol daha zəif və ucuz variantdır. İmkansızlar bu isə «tufta» nəşədən, konoplyadan başlayırlar.

Başlanğıc nə qədər müxtəlif və rəngarəng olsa da, sonu eynidir – insanın mənəvi və cismani məhvi!

Son həmişə acınacaqlıdır. Narkomanın dəmi gələndə, yəni, «lomka» tutanda hansı üsulla olursa-olsun, özünü sabitləşdirməlidir, lap qan içmək bahasına da olsa.

Çoxsaylı nəşələnmə vasitələrindən ən ucuzu və qəribəsi «çefir»dir. Onu hazırlamaq üçün bir qutu Azərbaycan çayı (Hind çayından yaxşı effekt alınmır) götürüb alümin parça boşaldırlar. Parçı yarıya qədər su ilə doldurub, kameradakı plitənin üstünə qoyurlar. Qaynama həddinə çatmamış parçı kənara çəkir, azacıq sonra həmin prosesi yenidən təkrar edirlər. Sonra bir az ara verilir və parç «kruqa buraxılır», yəni «zek»lər dövrəyə düzülüb parçı bir-bir alır, bir neçə qurtum içib, yanındakına ötürür.

«Çefir» içənlərin xüsusi adları da var: «çefirşik». Heç kəs «Çefir içdim» demir, «Çefimul» deyir. Proses özü isə «çefirləmə» adlanır. «Çefir» – zəhər kimi acı, qapqara rəngli mayedir. «Çefirşik» onu içəndə sürətli ürək döyünməsi başlayır, o da bu müddət ərzində nəşələnir: başı qismən dumanlanır, qısa müddətə də olsa, «ləzzət» alır.

«Çefir» içmək qanunla izlənilmir, «nazor» tərəfindən cəzalandırılmır. Amma «burjuy» kameralarında «çefir» içmək qəbahət sayılır.

Digər kameralarda elektrik plitəsi olmadığından parçdakı suyu qaynatmaq üçün kağız, əski, yaxud sellofan torbadan istifadə olunur. Bir anlıq nəşələnməyin hesabına onsuz da nəfəs almaq mümkün olmayan kameranı tüstü, əski yanığı iyi basır. «Zek»in canı bərkdir, dözür ki, dözür! O ki, qaldı elektrik plitəsinə, bu da şərti addır. Əslində biri 25 re-yə elektrik spiralını «nazor»dan alıb beton döşəmədə ziqzaq formalı yuva kəsir və spiralı ora yerləşdirirsən. Onun bir ucunu məftillə dəmir «nara»ya, digər ucunu 40 vatlıq elektrik lampasının «nazor», starşina və elektrik montyorunun razılığı ilə bir tərəfi qoparılmış patronundakı dəmir yivə keçirirsən. Bütün kameralarda «nara», stol, pəncərə barmaqlığı bir-birinə qaynaqlanıb torpağa qoşulduğundan «massa»[62 - Kütlə (rusca).] rolunu oynayır. «Zek» qardaş qabiliyyət sahibidir: spiral tapılmadıqda iki ədəd lezvadan «kipitilnik»[63 - Qaynadan (rusca).] düzəldir. Lezvalar arasına rezin, yaxud karton izolyator qoyulur, ayrılıqda hər biri bir məftilə bağlanır, məftil də öz növbəsində dediyim elektrik mənbəyinə. Lezva «kipitilnik» çaydanın içərisinə salınmaqla qaynanmış suyun hazır olması heç üç dəqiqə də çəkmir. Ancaq bu zaman əslində qaynanmış su yox, xüsusi tamı olan «yandırılmış» su alınır. Yoxa lənət.

«Çefirşik»dən indiyə kimi xərclədiyimiz avans pulları ala bilməyəcəyimizi başa düşdük.

Söz verib yerinə yetirməyən «zek» hökmən cəzalandırılır. Bu cəza kamerada bir, «zon»da digər üsulla verilir. Həm də buna söz vermə yox, «dil oxuma» deyirlər. Pulun qaytarılma vaxtı təyin olunubsa, yəni, «tavan» qoyulubsa, bu daha pis. Əgər, «zek» «dil oxuyub» və «tavan» vaxtı ötürsə, o, «zek» kimi «şərəfli» bir adı daşımaq hüququndan məhrum olur. Bu gündən etibarən adına «fuflo»[64 - Yalan, saxta, başaldadan (jarqon).], yaxud «fufloşnik» deyilir.

Kameramızda belə bir gərginlik yaranmışdı. «Çefirşik» özü də vəziyyətin gərginliyini başa düşürdü; çölə göndərdiyi, «qonets»lər hamısı boş qayıdır, nəticə əldə edilmirdi. Axşama məhkəmə prosesi planlaşdırıldı. «Mitropolit»[65 - Hakim mənasında.] mən, iclasçılar Adil və Bəxtiyar, prokuror Cəfər, vəkil Əzizalı təyin olundu.

Axşama kimi nə domino oynanıldı, nə söhbət aparıldı. Üzlərdəki cüzi təbəssüm də yoxa çıxdı. Daxilən hamı döyüşə hazırlaşan əsgər hissi keçirirdi. Nəticə acınacaqlı da ola bilərdi: hakim mən olsam da, müşahidəçilər, əsasən də tələbkarlar çox pis mövqe, daha doğrusu, türmə qaydası üzrə ədalət mövqeyi tutmuşdular. İmkanlı yoldaşlardan hər hansı biri onun borclarını ödəməyi üstünə götürsə, Rauf «fuflo» ləqəbi ilə «zona» gedəcək, yox əgər bu borc pul şəkilində də ödənilməsə, digər, yəni natura ilə ödəniş forması seçiləcəkdi.

Ağır və üzücü məhkəmə prosesi «yazı» ilə yekunlaşmalı oldu. Rauf buna da şükür etməli idi.

Yüz il bir damın altında bir kəslə yaşasan da onu tanıya bilməzsən. İnsan özü böyüklükdə, özü ağırlıqda bir sirr bağçasıdır. İkicə saat əvvəl qabaq-qabağa oturub çörək yediyi yoldaşı indi öz əli ilə parçalamağa hazır olan insan övladları verdikləri hökmün icrasını tələb edirdilər. Qana susamış məhbuslar üçün, bəlkə də, bu bir əyləncədən çox özünüdərk və ya özünütərk idi. Yazılmayan qanunların hər bəndinə dəqiqliklə əməl edən «zek» bu prosesi xüsusi səliqə, xüsusi maraqla aparır.

Bığın kişilik nişanəsi olduğunu israr edənlərdən türmədə bığını uduzanlar da olur. Sizcə bığı elə sadəcə olaraq qırxırlar, yaxud onu öz sahibinə qırxmağı məcbur edirlər?

Yox! Təntənəli surətdə hamam günü təyin olunur, təzə mələfə, təzə dəsmal, təzə lezva, təzə sabun… Hər şey yalnız təzə olmalıdır, hamı bu səhnəni müşahidə edir – istəyən də, istəməyən də. Bığı qırxılan sakitcə dayanmalı, dəllək rolunun ifaçısı tələsmədən, hətta, vaxtı uzada-uzada işləməlidir. Gülməyə, hətta, zarafat etməyə də icazə verilir.

Hökmə görə Raufun qulağının tanası iki yerdən çərtilməli idi. Şamil boğçasından təzə məhrəba çıxardı. Yod da tapıldı, pambıq da. Hamı «nara»nın ikinci mərtəbəsinə çıxıb dövrələmə oturdu. Ətə işləyən lezvanın xırçıltısı eşidildi, qan nazik xətt üzrə axıb ağ məhrəbanın üstünə töküldü. Əzazilliyı ilə seçilən Şamil beşinci damlaya kimi səbirlə gözlədi (şərtə görə üç damla da kifayət idi), sonra yodlanmış pambığı Raufun qulaq tanasına yapışdırdı.




KARSER


Dar ağacına aparan yoldan başqa sonu olan yolların hamısı yaxşıdır

    Servantes

18 mart. Sayca üçüncü müstəntiq Mirzoyev nəhayət ki, bu lənət qapısı arxasında, bir dəfə də olsa, mənimlə görüşmədən, dərdimi, günahımı soruşmadan, şahidlərlə üzləşdirmədən ittihamnamə ilə bərabər Sarkisyan familiyalı bir vəkil də tapıb təşrif buyurdu Bayıl türməsinə və vəkili təntənəli surətdə təqdim etdi:

– Bu yoldaş çox qabiliyyətli vəkildir. İçəridə olduğunu nəzərə alıb, onu sənə vəkil yazmışam.

Ağır maddə ilə cinayət məsuliyyətinə cəlb edilənləri məhkəməyə vəkilsiz göndərə bilmərik. Qayda belədir. İstəsən də, istəməsən də. Kişinin tapşırığıdır. İndi isə… bu sənədlərə qol çək. Hər şey həll olunub. Sənə açıq deyirəm: mübarizə aparmağın xeyri yoxdur. Əvvəla bu dörd divar arasında əlindən heç nə gəlməz, ikincisi də ki, Müzəffər qol çəkən kağız geri qayıtmır. Hara yazırsan yaz, mənasızdır. Çalış hakimi gör, bəlkə güllə vermədi. Bilirsən də… Bura Azərbaycandır, Vaşinqton yox!

İttihamnaməni imzalamaqdan imtina edib, Mirzoyevlə bərabər Sarkisyanın da himayədarlığına ehtiyacım olmadığını bildirdim. O da bunu gözləyirmiş kimi Sarkisyanla qol-qola girib gülə-gülə getdi, məni isə 39-a qaytardılar.

Müstəntiq yanından qayıdan «zek» adətən yoldaşlara izahat verir, istintaqın gedişindən danışır. Mən də ətraflı məlumat verdim. Vəziyyətimin ağırlığını özüm də başa düşürdüm, yoldaşlarım da. Axşama kimi müzakirə edib bir qərara gələ bilmədik. Kamerada ən vacib məsələnin üstündən bir gecə ötürsə, o, öz əhəmiyyətini itirmiş olur. Sabah daha təzə, az maraq doğuran olsa da, daha isti iş meydana çıxır, çıxmasa da, baş qarışdırmaq üçün düşünüb bir şey tapırlar.

Yerimdə uzanıb bütün keçmişimi, sabah və dünənimi bir daha araşdırdım. Qəribədir ki, çöldə, azadlıqda olanda adam öz səhvlərini görmür, yaxud görməyə imkan tapmır. Burda isə…

Otuz beş il ömür yaşamışdım. Və bu otuz beş ildə ölçüyə gəlməz, sayıbilinməz səhvlər buraxmış, həm də bu səhvləri düzəltmək üçün bir addım belə atmamışdım. Keçən hər ildə, ötən hər ayda, itirdiyim günlərin hər birində bağışlanılmaz səhvlər!

Danışığımda səhv!

Yazdığımda səhv! Hətta, məhəbbət yolunda atdığım addımlarım da səhv!

Səhvən doğulmuşdum, səhvlərlə yaşamışdım… Öz ətrafımı belə görməyi bacarmamışdım.

Sabah necə olacaqdı?

Əgər ədalət qələbə çalsa, məhkəmə mənim xeyrimə həll olunsa, çıxandan sonra körpələrimin üzünə necə baxacaqdım?

Ədalət qələbə çalacaqdımı?

Çətin, çətin ki, mən bu dörd divar arasından çıxa bilim.

Çətin ki, aprel ayına təyin olunacaq məhkəmədən salamat qurtarım.

Güman ki, «smertnik»lər korpusuna düşənlərdən biri də mən olacaqdım.

Ona görə də hər şeylə xudahafizləşmək lazım idi.

İrili-xırdalı bütün səhvlər üçün özüm-özümü cəzalandırmalı, cəza növünü özüm düşünməli, hökmü özüm verib, icrasına da özüm başlamalıyam. Məhkəmə prosesinə qədər bütün tanış-bilişlərlə vidalaşmalı, qarşımda günahkar olanları bağışlamalı, qarşısında günahkar olduqlarımdan üzr istəməliydim. İntiharın ən optimal, on ağır yolunu seçməli, özüm-özümə verdiyim cəzadan razı qalmalı idim! Bütün günahlarımın əvəzində cismani əzab çəkməli, bununla da təskinlik tapmalı, dünyadan rahat köçməli idim!

Bəlkə də həyatımda ilk dəfə xudbinlik xəstəliyindən uzaqlaşıb kamera yoldaşlarımın aqibətini düşündüm. Elə addım atmalıydım ki, məndən sonra heç kimi günahkar bilməsinlər.

Fəaliyyətə Novruz bayramından sonra başlamaq qərarına gəldim. Təbiətən konkretlik sevən adam idim və konkret qərarlar qəbul etməyi xoşlayırdım. Elə həmin gecə qərar qəbul etdim və öz qərarımdan o qədər razı qaldım ki, sabah əhval-ruhiyyəmin yaxşılaşmasına, duzlu zarafatlarıma yoldaşlarım təəccübləndilər də!

İlk zarafat hamımızın hörmət etdiyimiz Əliağa kişinin ilk nidası ilə başlandı. O, adəti üzrə yerindən duranda «Ya Allahın adı» deyib üzünü göyə tutdu. Mən də mənəvi çıxış yolu tapıb sakitləşdiyimdən Əzizalı ilə başladığım zarafatı burda təkrarlayıb:

– Özü lazım deyil? – deyə soruşdum.

– Özü də lazımdır.

– Çatdıraram özünə, arxayın ol!

Əzizalı da yerindən qalxıb söhbətə qoşuldu:

– Ona söz çatdıra bilirsənsə, soruş gör səni niyə 39-a salıb?

Mən də söz altında qalmadım:

– Soruşmuşam! Deyir, Əzizalının Ali məhkəməyə, respublika prokurorluğuna ərizələrini yazmaq üçün!

«Proqulka»dan sonra domino oyunu əvəzində öz yerimə qalxıb müxtəlif ünvanlara «ksiva»lar yazmağa başladım. İki ünvana – atama və Mirzə İbrahimova[66 - Görkəmli Sovet Azərbaycanı yazıçısı.] xüsusi məktub yazdım. Mirzə İbrahimova yazdığım məktubu yoldaşlarımın müzakirəsinə verdim. Məktub çox böyük əks-səda doğurdu, 38-ci kamerada da bu məktubu oxuyub yüksək qiymətləndirdilər və göndərilməsini vacib saydılar. «Nazor» Qadirə 10 re verib məktubun sifarişlə göndərilməsini xahiş etdik.

Dustağın qəribə psixologiyası var: özü özünə illüziya qurur, oturub da onun sonunu gözləyir. Biz də bu məktubdan çox şey, heç olmasa, Mirzə müəllimin əks-sədasını beş-altı gün gözlədik, bu müddət ərzində onu neçə yol oxuduq, sətir-sətir müzakirə etdik. Özümə tətbiq edəcəyim cəza tədbiri də bu məktubun cavabından asılı olaraq dəyişə bilərdi. Ancaq… Mirzə müəllimin yadına bizmi düşürdük?!

Və nəhayət, 23 mart 1985-ci il səhər saat 8 tamamda…

Əvvəlcə məktub barədə.


İkinci məktub

««O gün gələcək!»[67 - Müəllif bu sözləri Mirzə İbrahimovun «Gələcək gün» əsərinə xitabən yazıb.]. Mən də deyirəm «O gün gələcək!», hardasa yaşıl ağacın altında uzanıb, dünyaya iynə deşiyindən baxan bir sərxoş da! Müstəbid də gözləyir o günü, müştəbeh də. Şirin avazıyla bizə «layla» çalan müğənni də, doğru da, yalan da gözləyir o günü. Zəiflər də o gündən əlini üzməyir, güclülər də. Öz kommunist əxlaqı ilə başda oturan başbilən də, illər boyu əzizləyib gəzdirdiyi partbileti əlindən alınan məhbus da deyir:

«О gün gələcək»!

Siz «bir balaca gərgin vəziyyət yarananda… təbəssümləri dərhal çəkilib gedən çox adam görmüsünüz». Ona görə də güman etmək olar ki, özünüz belə xislətdən uzaqsınız və mənim yazdıqlarımı təbəssümlə oxuyacaqsınız. Həm də yazdıqlarımın hər üç cümləsindən biri Sizin olduğu üçün oxumalısınız!

Hələ 16 yaşım olanda Sizin «MƏNİ İNSAN ÖMRÜNÜN UZUNLUĞU YOX, ONUN MƏNASI MARAQLANDIRIR» kəlamınızı şüar kimi qəbul etmiş, illər keçdikcə yaradıcılıq nailiyyətlərinizlə fərəhlənmiş, ondan qidalanmış, nəhayət, bu günə gəlib çatana kimi çırpınmış, məhz bu dəm, bu an oxuduqlarımla gördüklərim arasındakı uçurumun nəhəngliyinə təəccüblənmiş, ondan heyrətə gəlmişəm!

Əcəba, necə olur ki, «İRAN İNQİLABINI İNKİŞAF ETDİRMƏYƏ QOYMADILAR» deyə təəssüflənirsiniz, ancaq inqilabın qələbəsindən sonra getdikcə tənəzzülə uğrayan Sovet qanunlarını qorumağa çalışmırsınız?

Necə olur ki, min verstlik məsafədən «BU GÜN İRANDA, AZƏRBAYCANDA VƏ GÜRCÜSTANDA ON MİNLƏRLƏ MÜTƏRƏQQİ, NAMUSLU VƏTƏN ÖVLADLARININ QANI TÖKÜLÜR, YENƏ AZAD FİKİRLƏR BOĞULUR, YENƏ ZİNDANLAR ON MİNLƏRLƏ ADAMLA DOLUR» deyib yana bilirsiniz, ancaq burada, Sizdən iki kilometrlik məsafədə yerləşən Bayıl zindanında müasir istibdadın qurbanı olan iki min millət balasının halına acımayırsınız? Niyə iranlıların «ÇOXMU SÜRƏCƏK BU ƏMƏLLƏR?» sualına «MƏZDƏK, BABƏK, KOROĞLU, SƏTTƏRXAN, ŞEYX MƏHƏMMƏD, XOSROV RUZBEH, QAZI MƏMMƏD TARİX KİTABININ SƏHİFƏLƏRİNDƏN BAŞ QALDIRIB – YOX!» – deyə bilir, ancaq Siz, mənim bir ideal kimi inanıb, yazdıqlarıma səcdə etdiyim xalq yazıçımız öz yumşaq kreslosundan qalxıb, səhər günəşinin qabağını kəsənlərə özünü göstərmir, məhbuslar ordusunun «Çoxmu sürəcək bu zülm?» sualıma «Yox!» deyə cavab vermək istəmirsiniz? Bacarmırsınız, yoxsa şəxsiyyətinizə sığışdırmırsınız?

Həyatın özünü bədii çalarlarla tərənnüm etmək üçün qırmızı boya yox, Hüqo dühası, Balzak inamı, Drayzer zəkası, Dostoyevski dərrakəsi gərək!

Yaradıcılığının əvvəli isti yorğan-döşək, sonu rahat kabinet olanlar nə qədər Xalq, Xalq!» deyib qışqırsalar da, Xalq onları eşitməyəcək! Firon qüruru, Neron qeyrəti ilə vəzifə başında oturanlara Xalq deyilməz. Əzilən, qara çörək həsrəti ilə başında qoz sındırılan kimsəsizlər, indisini və sabahını «O GÜN GƏLƏCƏK» deyən möhtərəm yazıçılara bağlayan milyonlardı Xalq!

«MƏNİM XALQIM ƏSRLƏR UZUNU AZADLIĞI VƏ İŞIĞI SOVET QURULUŞUNDA TAPMIŞDIR» deyərkən Siz hansı azadlığı, hansı işığı nəzərdə tutursunuz? Şəxsən özünüzün və Sizin kimilərin, yaxud yeddi qıfıl arxasında – beton döşəmə, beton divar, beton tavan və dəmir barmaqlıq arxasında yaşayanların azadlığından danışırsınız? Geniş kabinetinizə, yaraşıqlı mənzilinizə lay pəncərənin tül pərdələrindən düşən günəş işığından, yoxsa 40 vatlıq elektrik lampasının dəmir çərçivə arxasında süzülən zəif işığından?

«MƏNƏVİ DÜNYAMIZDAN, HƏYAT EŞQİNDƏN VƏ XEYRƏ İNAMDAN QİDALANMIŞ DAXİLDƏN GƏLƏN NUR» qoyun Sizi bəzəsin; o nur, o işıq «SƏNƏT MƏBƏDİNDƏ XİDMƏT Sizi İKİQAT NÖVRƏQLƏNDİRSİN»; bəlkə, ondan sonra geniş kabinetinizdən bir anlıq ayrılıb, ömür boyu dediklərinizin, yazdıqlarınızın həyatda təcəssümünü görmək üçün insanlara diqqət yetirəsiniz. Axı, Siz «GÖZÜNƏ QULAQLARINDAN ÇOX ETİBAR EDƏN yaradıcı şəxssiniz! Bəlkə, ağ gününə fərəhləndiyiniz millətin adıyla aldığınız «Ulduz» Sizə ilham verə, neçə illərdən bəri nağıllaşıb daşlaşmış ürəyiniz riqqətə gələ, bu müdhiş məbədə ayaq basıb deyəsiniz: «Mənəm. Gələcək günün carçısı, Sovet qanunlarının tərənnümçüsü. Mən büt Mirzə İbrahimov yox, insan Mirzə İbrahimovam».

Mən də nəvazişlə Sizin yazan əllərinizdən tutam, öpüb qoyam gözlərimin üstünə və gəzdirəm Sizi Bayıl türməsinin çoxsaylı kameralarını.

Yox! İstəmirsiniz! Burda məskən salan iri tarakanlardan iyrənirsiniz! «Osujdyonka»da 60 nəfər «zek»in doldurulduğu 25-30 kvadratmetrlik kameralarda üfunət iyi boğar Sizi! Ağ rəngli bitlər daraşar canımıza! Siz, axı, nə günahın sahibisiniz ki, gəlib bu yerlərə düşəsiniz? Gəlməyin! Biz də Sizin yazdıqlarınıza inanıb, bu yol ayrıcında tərəddüdlər içində cana doyaq və intihar yolunu daha məqsədəuyğun hesab edək! Özümüz özümüzdən, öz cismimizdən intiqam alaq!

«O günün» gəlməyəcəyinə əmin olub intiqam alaq! Və intiqam qabağı deyək: «Qatilimiz qalın kitabları ilə gözlərimizi pərdələyən, həqiqəti bizə başqa rəngdə çatdıran İbrahimovdur!

Qoy mənim bu bir ovuc qanım Sizin qələm tutan əllərinizə tökülsün! Qoy bundan sonra bir sətir belə yazmaq istəyəndə, əllərinizdə qan ləkələri görünsün ki, heç olmasa bundan sonrakı nəsil üçün qırmızı boyalı dünya yaratmayasınız!

Sizin öyrətdiklərinizlə həyatın diktə etdikləri uzlaşmırsa, mənim aldığım mənəvi tərbiyə prokuror həzrətlərinin tərbiyəsinə və müasir tələblərə uyğun gəlmirsə, Sizin yazmağa, mənim yaşamağa haqqımız yoxdur! Bizə çatdıra bildiyiniz ideya tərənnüm etdiyiniz millətin çox-çox övladlarının gözünə mil çəkib, boğazına ərinmiş qurğuşun töküb. Milyonların həyat həqiqətindən bixəbər böyüməsində xüsusi xidmətiniz olub!…

Nəhayətdə xatırladıram:

«…SAHİLƏ GEDİB DƏNİZİN GAH LİRİK, GAH DA GURULTULU, ÜSYANKAR NƏĞMƏLƏRİNƏ QULAQ ASARKƏN…» yada salın ki, gözünüzü oxşayan anamız Xəzərin suyuna neçə «vışak»ın qanı qoşulub.

Qırçın dalğaların üstünüzə çilədiyi duzlu damlaların bir qismi də mənim Bayıl divarları arasında axıtdığım göz yaşlarıdır. Körpələrimin də ata həsrətindən tökülən göz yaşlan qarışıb bu suya!

İçin bu göz yaşlarından doyunca!

«Millət, millət!» deyən diliniz bu göz yaşlarının duzundan cadar-cadar oluncayadək için! İçin – mənim bu al qanımı və duzlu göz yaşlarımı! Sizə halal edirəm!

P.S: Böyük hərflərlə yazılanlar Sizin öz sözləriniz, kiçik hərflərlə yazılanlar mənimdir».



Bu məktubdan əlavə Nəsimi rayon, Bakı səhər, Respublika və SSRİ prokurorluğuna, Sov. İKP MK-ya, Azərbaycan KP MK-ya, «İnsan və qanun» jurnalı redaksiyasına da məktub yazıb yola saldım. Mətn demək olar ki, hamısında eyni idi: haqqımda qaldırılmış cinayət işi əsassız olduğundan, şəxsi ədavət hissinin qurbanı kimi məsuliyyətə cəlb edildiyimdən, yazdığım çoxsaylı şikayətlərə cavab almadığımdan 23 mart 1985-ci il saat 8-dən etibarən etiraz əlaməti olaraq aclıq elan edirəm!

Kameranın pullarını və hesabatı Əzizalıya təhvil verib nəticəni gözləməyə başladım.

İki gündən sonra türmə rəisi məni çağırtdırdı. Rəis, deyilənlərə görə, alicənab adam idi, amma nədənsə heç oturmaq üçün yer də göstərmədi. Səbəbi gün kimi aydın idi. «Zek» rəis üçün, Allah bilir, neçənci dərəcəli adam sayılır və «zek» öz bitli, çirk basmış, üfunətli paltarı, yazıqlaşmış vücudu ilə rəisin xarici mebelində otura bilərdimi? Əli ilə «nazor»a getmək işarəsi verdi. Aramızda qısa və soyuq dialoq alındı.

– Kimdən küsmüsən?

– Heç kəsdən.

– Bizdən şikayətin var?

– Əsla!

– Nə qazanacaqsan bu «qolodovka»[68 - Aclıq elan etmə (rusca).] ilə?

– Qazanmaq istəmirəm, itirmək istəyirəm.

– Səni daxili qaydaları pozduğun üçün «karser»ə salacam. Mədən yazva[69 - Mədə xorası (rusca).] olacaq. Canına bitlər, birələr daraşacaq, hər gün iki dəfə yeməklə imtahan edəcəklər səni. Yeməsən üzüləcəksən. Ya «nasılka»[70 - Xərək (rusca).]da məhkəməyə aparacaqlar, ya da hökmü karserdə üzünə oxuyacaqlar. Ağıllı adamsan, bir düşün.

– Düşünmüşəm. Başqa yolum yoxdur. İşi bağlayıb məhkəməyə göndəriblər.

– Nə olsun? Hakimi gör, – bir az gülümsədi:

– Kəndxudanı gör, kəndi çap! Eşitməmisən?

– Ona nə imkanım var, nə də çöldə adamım.

– Yaxşı, gəl oxu bu bəndi, – bir balaca kitabçadan bır neçə sətirlik cümlə göstərib özü də oxudu mənə – 56-cı ildən üzübəri «qolodovka» vaxtı məcburi qida vermək ləğv edilib. Sənə on gün «karser» verəcəm. Sağ qalsan, «qolodovka»nı çıxarmasan, yenə on gün əlavə edəcəyəm. Ölənə kimi… Yazıqsan, uşaqların var. Sənə güllə düşmür. 10-12 il verəcəklər, çəkib gələrsən. Nəmənədir ki? 30 il yatanlar var. Bir yaxşı-yaxşı fikirləş.

– Fikirləşmişəm, – dedim.

Diqqətlə üzümə baxdı. Deyəsən, doğrudan da yazığı gəldi mənə. Birdən duruşunu, sifətinin mimikasını dəyişib qabağa əyildi. Həlimləşdi elə bil.

– Yox, fikirləşməmisən. Ağzın isti yerdədir, bala. Peşman olub başına döyəcəksən. Ümidin hər yerdən üzüləndə başa düşəcəksən ki, hökumət yoxdur. Ayılacaqsan, ancaq o vaxt gec olacaq. Düşün, bala, yazıqsan. Vallah, mən deyəni sənə heç kim deməyəcək. Mən saçımı bu divarlar arasında ağartmışam. Çoxlarını görmüşəm… Əynin də nazikdir. Başqa paltarın yoxdur? «Karser» soyuqdur, sətəlcəm olacaqsan! Ay Allah, ay Allah, bu millət hara gedir?

Nurani kişi idi. Düzdür, forma ona çox yaraşırdı, ancaq bu nuranilikdə adam bu lənət qapısında işləməyəydi gərək. Vəzifə onu min-bir cinayətə göz yummağa vadar edir, nuranilikdən əsər-əlamət qalmırdı. Heyf!

Qayğıkeşliyi üçün minnətdarlığımı bildirməkdən başqa nə edə bilərdim?..

«Volnı»[71 - Sərbəstlik, azadlıq (rusca).]ya çıxıb həyətdə işləyən «zek»lərin yanından «jenski» korpusun birinci mərtəbəsindəki «karser»ə apardılar. Həyətdəkilər bir-birinə məlumat çatdırıb xosunlaşdılar.

«Karser» yerləşən ümumi dəhlizin dəmir qapısından keçib irəlilədik. Yanaşı üç «Karser» düzülmüşdü, dəhlizin sonunda «sever» yerləşirdi. «Nazor» sayca ikinci «karseri» açıb baxdı. O, əslən Bakının Maştağa qəsəbəsindən idi. Məni kameranın «avşaq»ı kimi tanıyırdı. Sadə, mehriban oğlan olduğundan hamının hörmətini qazanmışdı. Artıq hərəkəti, artıq söz-söhbəti xoşlamazdı.

– Nahaq belə etdin, – dedi – onsuz da heç bir mənası yoxdur. Kimdir kimin kitabını oxuyan, ay rəhmətliyin oğlu?!.. Yenə bu «karser» münasibdir. Gecə yaman soyuq olacaq «teleqreyka» da yoxundur. Allah kərimdir… Bəlkə qayıdasan? Hələ gec deyil. Vicdan haqqı ürəyim yanır, ona görə deyirəm. Daşı tök ətəyindən. Tüpür hər şeyə…

– Tüpürmüşəm, – dedim.

Qərarımın qətiliyini başa düşdüyündən qapını açıb məni içəri saldı, qıfıllayıb çıxdı. Ümumi dəhlizin başındakı qapını da bağladı, ətrafa tam sakitlik çökdü. İndi arxayınca «karser»lə tanış ola bilərdim.

«Karser». Adını çox eşitmiş, özünü kinolarda çox görmüş olsam da, indiyə kimi onu tamam başqa cür təsəvvür edirdim. Fikirləşirdim ki, heç olmasa, sutka ərzində uzanıb xəyala dalmağa, mənən və cismən özümə cəza verməyə neçə günə, neçə sutkayasa şam kimi əriməyə imkan tapacam. Qəfil ölümü yox, vaxtı uzadılmış ağır ölümü anbaan qoynuma yaxınlaşdıracaq, qucaqlayıb əbədi yatacağam.

Təəssüf ki, bu ölümü də məhbusa çox görürlər. «Karser»də ölmək üçün yox, özünə nifrət, özgəyə lənət hisslərinin aşılanması üçün şərait yaradılıb. Çox yerdə «karser»ə «İndiya» deyirlər. Bu sözə mənən daha uyğundur – gözdən uzaq, əlçatmaz, ünyetməz yer.

Uzunu iki metr, eni bir metr, hündürlüyü üç metrə yaxın qəribə bir otaq idi «İndiya». Beton döşəməsində bir neçə santimetr su yığılmışdı, «jenski»[72 - Qadın (rusca).] korpusun ümumi «severin»dən gələn çirkab beton tavandan damcılayır, divar boyu süzülüb döşəməyə tökülürdü. Qapının üstündə, tavanla bitişik yerdə üstündə qalın çərçivə olan 40 vatlıq lampa asılmışdı. Nəm divara həncamaları görünən «nara» bərkidilmiş, şaquli vəziyyətdə qalsın deyə, zəncirlə iki yerdən qıfıllanmışdı. Ondan hər hansı bir məqsəd üçün istifadə etmək mümkün deyildi. Otaq boyu «tasovka» etmək də mümkün olmasın deyə, ortada beton tumba qoyulmuşdu. Bu, «zek» üçün həm kətil, həm də dayaq rolunu oynayır. Kameradakı üfunət iyi «karser»dəki qoxuya nisbətən toya-düyünə getməli idi. Güman ki, bütün bunlar düşünülmüş şəkildə edilib.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/q-nim-t-lisaoglu/h-bsxana-68386462/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Alçaq, namərd (rusca).




2


Milisioner sözünün lağla deyilən qısaldılmış forması.




3


Donosçu (çuğulçu) milis (polis) xəfiyyəsi (rusca).




4


Qarmaq (rusca).




5


1) Alçaq 2) Həşərat (rusca).




6


1) Alçaq 2) Tula (rusca).




7


1) Qancıq 2) Donosçu, çuğulçu (rusca).




8


Pis adam, eqoist adam (rusca).




9


Milisin lağla əzizlənməsi mənasında (rusca) .




10


Dustaq (zaklyuçennıy sözündən – rusca).




11


Dustaq daşıyan vaqonlara deyilir (Rusiya İmperiyasının baş naziri olmuş Stolıpinin şərəfinə belə adlandırılıb).




12


Qısa məktub (rusca).




13


Sənədləşdirmə (rusca).




14


Bölmə (rusca).




15


Növbə (rusca).




16


Konvoylu qapalı milis (polis) maşını. Həbsxanada konvoyları «qara quzğun» adlandırdıqlarına görə dustaq daşıyan maşınlara belə ad qoyulub (rusca).




17


Birinci zabit rütbəsi.




18


Məhkumluq. Xojdeniye (gəzmək, dolaşmaq) sözündən götürülüb (rusca).




19


Nəzarətçi (nadziratel sözündən götürülüb) (rusca).




20


Üstün axtarışı (rusca).




21


Ev yaran oğru (slesar – çilingər sözündən – rusca).




22


Əməliyyatçı – təcridxanada cürbəcür istintaq işləri ilə məşğul olan və xəbərçilər dəstəsi ilə işləyən milis işçisi – operativnik (rusca) sözündən.




23


Sənədləşmə işinə baxan xüsusi əməkdaşlar – spesialnıy (xüsusi – rusca) sözündən.




24


Dejurnıy Pomoşnik Naçalnika Karaula – sözlərindən, qarovul başçısının növbətçi yardımçısı (rusca).




25


Tor – kameraya bayırdan xəbər çatdırılmasının mümkün olması mənasında (başqa mənaları da var) (rusca).




26


Çapar, qasid (rusca).




27


Ən çox işlənən türmə terminlərindəndir – məktub, ismarış mənasındadır.




28


Əvvəl məhkumluğu olmuş (rusca).




29


Keçmiş SSRİ ərazisindəki bütün təcridxanalarda dustaqlar bir-birini hörmətlə belə adlandırırlar – «qardaşım» mənasında (bu söz qardaş, yaxın dost mənasında hətta azadlıqda da işlədilir) – rusca.




30


«Nara»nın başqa mənası (rusca).




31


İçinə isti su tökülüb bədənin ağrıyan yerinə qoyulan rezin qovuq.




32


Hərfi mənası şimal, amma ayaqyolu mənasında (rusca).




33


Alçaq, həşərat (rusca).




34


Sirkə (bit yumurtası).




35


Məzənnə, nırx (rusca).




36


Fırfıra (rusca).




37


Yem qutusu, axur (rusca).




38


Burada əl arabası (rusca).




39


Arpa yarması (rusca).




40


Buğdalı (rusca).




41


Kasa (rusca).




42


Sovet rublu, yəni manat.




43


Burada başçəkmə (rusca).




44


1) Döymə, tatu 2) Yerini xəbər vermə (rusca).




45


«Peredaça» sözündən – sovqat mənasında (rusca).




46


Hərfi mənası qızışdırma (rusca).




47


Stroqiy – ciddi (rusca) sözündən.




48


Xüsusi (rusca) sözündən.




49


Zolaqlı (rusca).




50


Xüsusi qalın paltar növü (bədəni isidən mənasında – rusca).




51


Ölümlü (rusca).




52


Güllələmə cəzası almışlara deyilir (vısşiy sözündən – rusca).




53


Əfv, bağışlanma (rusca).




54


Həbs müddəti (rusca).




55


Məhkəməsi olmuş dustaqlar (rusca).




56


Keçmiş Sovet İttifaqının 1985-86-ci illəri nəzərdə tutulur.




57


Gəzintiyə (rusca).




58


Burada var-gəl etmə (rusca).




59


Düşərgə, koloniya (islah-əmək koloniyası)




60


Çətənə (rusca).




61


Qazan, tiyan (rusca).




62


Kütlə (rusca).




63


Qaynadan (rusca).




64


Yalan, saxta, başaldadan (jarqon).




65


Hakim mənasında.




66


Görkəmli Sovet Azərbaycanı yazıçısı.




67


Müəllif bu sözləri Mirzə İbrahimovun «Gələcək gün» əsərinə xitabən yazıb.




68


Aclıq elan etmə (rusca).




69


Mədə xorası (rusca).




70


Xərək (rusca).




71


Sərbəstlik, azadlıq (rusca).




72


Qadın (rusca).



Kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı üç sənədli romanı salınıb. Hər biri özünün müxtəlif illərdəki məhbəs həyatından bəhs edir.

Oxucuları bəri başdan xəbərdar edirik: «HƏBSXANA» trilogiyasını içərisində çoxlu açıq-saçıq və qəddarlıq səhnələri olduğuna görə yaşı 18-dən aşağı olanların, həmçinin əsəbləri zəif olan şəxslərin oxuması məsləhət deyil!

Kitabda ilk dəfə müəllifin çox tez-tez işlətdiyi, əksəri rusca olan 500-dək türmə jarqonlarının azərbaycanca açması verilib.

Как скачать книгу - "Həbsxana" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Həbsxana" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Həbsxana", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Həbsxana»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Həbsxana" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Видео по теме - Ömrünün yarıdan çoxunu zindanda keçirən həbsxana kralı - Səməd Səmədov - Rezonans

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *